2009-ci il 8 may tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XI  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  112

Milli  Məclisin  iclas  salonu.
8  may  2009-cu  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 109 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

H. Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.

* * *

R. Mirzəyev, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini.
R. Lətifov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
C. Xanlarov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi.
E. Əsədov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi rəisinin müavini.
X. Nəcəfov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin şöbə müdiri.
Z. Rzayeva, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Hüquq şöbəsinin müdiri.
E. Əliyev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin şöbə müdirinin müavini.
A. Məmmədov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi – baş müfəttişi.
H. Məmmədov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti.
N. Adıgözəlov, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyinin şöbə rəisi.
X. Qasımlı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Hüquq şöbəsinin əməkdaşı.
Ə. Məmmədov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşı.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik və əlavələrin edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikası Salyan rayonunun Şatrovka kəndinin adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin layihəsi haqqında.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik və əlavələrin edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikası Salyan rayonunun Şatrovka kəndinin adının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. Azərbaycan Respublikası Tikinti Məcəlləsinin layihəsi (birinci oxunuşda).


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                  O. ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

8  may  2009-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 96
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, iclasımıza başlamazdan qabaq qeyd etmək istərdim ki, bu gün – 8 may Azərbaycanın Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən zəbt edilməsinin 17-ci ildönümüdür. Xahiş edirəm, bu yaxınlarda aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən ağır cinayət nəticəsində həlak olanların da xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.)
Allah rəhmət eləsin.
Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.06 dəq.)

Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 4  
İştirak edir 92
Nəticə: qəbul edildi

Bildiyimiz kimi, gündəlikdə altı məsələ var. Müzakirələrə ehtiyac varmı? Asəf Hacıyev.
A. Hacıyev. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, bu ilin yanvar ayında Amerika Birləşmiş Ştatlarının yeni administrasiyası öz fəaliyyətinə başladı. Sözsüz, yeni administrasiyanın siyasətindən dünya çox şeylər gözləyirdi. Şəxsən mən bir azərbaycanlı kimi gözləyirdim ki, çox yüksək təhsilə malik olan, Kolumbiya və Harvard universitetlərinin məzunu olan Amerika Prezidenti, nəhayət, ikili standartlara son qoyacaq. Ancaq çox təəssüf edirəm ki, bu il may ayının 1-də onun jurnalistlərə həsr olunmuş çıxışında Azərbaycanın adı Zimbabve kimi ölkələrlə bir yerdə çəkildi. Mən çox təəssüf edirəm və təbii ki, bu məlumat ona Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və Azərbaycanda fəaliyyət göstərən digər qurumlar tərəfindən verilib. Bizim istəyimiz nədir? Biz ədalətli informasiyanın tərəfdarıyıq. Biz Azərbaycanda bunu istəyirik.
Məhz ikili standartlar nəticəsində bu gün Cənubi Qafqaz dünyanın ən mürəkkəb bir bölgəsinə çevrilib. Ona görə mən həmin təşkilatlara üzümü tutur və bir faktı onların yadına salmaq istəyirəm. Bilirsiniz, XX əsrdə Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti, demokrat Con Kennedinin bir kitabı nəşr olundu. Həmin kitabın adı belə idi: “Why England slept?” (“Nə üçün İngiltərə yatmışdı?”) Söhbət Almaniyada baş qaldıran faşizmdən gedirdi. Bu gün bizim bölgədə nə baş verir? Bu gün bizim bölgəmizdə qonşu ölkə tərəfindən Azərbaycana, nəinki Azərbaycana, digər dövlətlərə də ərazi iddiaları baş qaldırır. Həmin ölkədə prezident seçkiləri keçirilir, insanlar tələf olurlar, yüzlərlə jurnalist həbsxanaya atılır, amma dünya bunu beynəlxalq standartlara uyğun hesab edir.
Ona görə mən hesab edirəm ki, belə şeylərə son qoyulmalıdır. Mən Amerika Prezidentinin Administrasiyasına bu məlumatları verən təşkilatlara üzümü çevirib, Con Kennedinin sözləri ilə demək istəyirəm: “Why America slept?” (“Nə üçün Amerika yatmış vəziyyətdədir?”) Çünki bölgədə terrorçuluq, ərazi iddiaları və digər məsələlər inkişaf edir, dünya isə buna göz yumur. Mən istərdim ki, bu təşkilatlar ədalətli informasiya versinlər. Biz Azərbaycan xalqıyıq, bizim yüksək mədəniyyətimiz var, dərin tariximiz var. Biz ancaq ədalətin və ədalətli informasiya verilməsinin tərəfdarıyıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əslində, mən də Asəf müəllimin qaldığı yerdən başlamaq istərdim. Çox təəssüf ki, biz son günlər Amerika Prezidenti tərəfindən artıq ikinci ədalətsiz bəyanatın şahidi oluruq. Birincisi, 1915-ci il hadisələrinə qiymət verərkən heç bir fakta söykənmədən Amerika Prezidenti ermənilərin kütləvi şəkildə qətl edildiyini deyir. Ermənilərin kütləvi şəkildə qətl edilməsi ilə bağlı fakt yoxdur. Amma ermənilərin kütləvi şəkildə Anadoluda qətlə yetirildiyi iddia olunur. Türklərin adını çəkmədi. Ermənilərin Azərbaycan insanına qarşı törətdiyi soyqırımları, kütləvi qətlləri bir cümlə ilə də olsun vurğulamadı.
İkinci bəyanatı mayın 3-də Beynəlxalq Mətbuat Azadlığı günü münasibətilə verdiyi açıqlamada görürük. Çox təəssüf ki, Amerika Prezidenti hətta Azərbaycana qərəzli münasibət bəsləyən beynəlxalq qeyri-hökumət təşkilatlarını belə təəccübləndirə biləcək, güldürə biləcək səviyyədə Azərbaycanla bağlı açıqlama verib. Azərbaycanın adını Zimbabve, Miama, Özbəkistan kimi ölkələrlə yanaşı çəkib. Hətta Azərbaycana qarşı qərəzli mövqedə duran beynəlxalq qeyri-hökumət təşkilatları belə Azərbaycanın bu sırada olmadığını çox yaxşı bilirlər. Təbii ki, bu, bizdə təəssüf doğurur və Azərbaycan insanını çox narahat edir. Mən çox istərdim ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi buna aydınlıq gətirsin. Niyə görə Azərbaycanın adı həmin çıxışda bu yerdə çəkilir. Bu, Azərbaycanın beynəlxalq imicinə təsir göstərən amildir. Bunu Azərbaycana qarşı qərəzli münasibət kimi qiymətləndirə bilərik. Biz çox gözəl bilirik ki, Ermənistanda söz azadlığı nə vəziyyətdədir, jurnalistlər nə vəziyyətdədirlər. Ölkə prezidenti istədiyi vaxt ölkədə söz azadlığını məhdudlaşdırır, dayandırır. Amma Ermənistanın adı orada çəkilmir.
Hər kəs dünyada söz azadlığının vəziyyətini bilir. Bir çox ölkələr var ki, onların adları çəkilmir, amma Azərbaycanın adı ədalətsiz yerə çəkilir. Çünki müqayisələr var. Bu müqayisədə Azərbaycanda vəziyyətin belə olmadığını hər kəs bilir. Azərbaycanda söz azadlığı sahəsində nə qədər böyük işlərin görüldüyünü də, vəziyyətin nə qədər müsbətə doğru irəlilədiyini də hər kəs bilir. Bu baxımdan düşünürəm ki, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Xarici İşlər Nazirliyinə dəvət edilməlidir. Hansı məlumatlara əsasən belə bir açıqlamanın ortaya çıxdığına aydınlıq gətirilməli və bu, məsələyə son qoyulmalıdır. Təbii ki, bir daha vurğulayıram, bu, Azərbaycana qərəzli münasibətdir.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bu məsələ ilə bağlı öz fikrimi bildirmək istəyirəm. Mətbuatdan da bəlli olan məsələdir ki, doğrudan da, ikili standartlar hələ də davam etməkdədir. İstər Amerika Birləşmiş Ştatları tərəfindən, istərsə də ayrı-ayrı Avropa dövlətləri və beynəlxalq qurumlar tərəfindən. Fakt ondan ibarətdir ki, bu gün Azərbaycanda mətbuatın vəziyyəti Avropadakı mətbuatın vəziyyəti ilə eynidir. Mən deyərdim ki, Amerika Birləşmiş Ştatlarındakından da üstündür. Bu baxımdan məgər burada səfirlik işləmirmi? Burada ayrı-ayrı təşkilatlar yoxdurmu ki, düzgün məlumatı çatdırsınlar? Hansısa köməkçinin hazırladığı məlumat əsasında fikir yürüdülür. Bir tərəfdən strateji müttəfiq istəyir, digər tərəfdən başqa fikir səslənir. Bu da Azərbaycan vətəndaşlarını həddən artıq hiddətləndirir.
Azərbaycan vətəndaşı görür ki, Azərbaycanda mətbuata olan qayğı heç bir yerdə yoxdur. Ümummilli lider tərəfindən mətbuatın borclarının dondurulması və Nazirlər Kabinetinin hesabına ödənilməsi, Prezidentimiz tərəfindən mətbuat orqanlarına birdəfəlik yardım, Mətbuat Fondunun yaradılması, Mətbuat Şurasının yaradılması, daim bu məsələlərin həll olunması, lisenziya məsələlərinin tamamilə sadələşdirilməsi və sair. Bu və ya digər şəkildə törətdiyi cinayətə görə, peşə fəaliyyətinə görə yox, törətdiyi cinayətə görə kimsə məsuliyyətə cəlb olunubsa, bununla bağlı kimsə bəyanat verirsə, mən hesab edirəm ki, bu bəyanat çox yersizdir.
İkincisi, elə Amerika Birləşmiş Ştatlarının özündə də belə hallar olub. Onda həmin dövləti başqa cür adlandıraq. Buşa ayaqqabı atan bir jurnalistə 14 il həbs cəzası verdilər. Nəyin hesabına? Bu da bir demokratiyadır, qol-qabırğasını da sındırdılar, ondan sonra içəri saldılar. Yaxud Quantanamoda baş verən hadisələr irqi, dini, milli baxımdan cinayətlərdir. İndiyə qədər guya bir nəfər əsgərə cinayət işi qaldırılıb. Pentaqon rəhbərliyinin bundan məlumatı yox idi? İnsan hüquqları ən ağır şəraitdə pozulur. Hətta Afrikanın cəngəlliklərində də insanlara dini, irqi və milli baxımdan bu cür təzyiqlər göstərilmir, bu cür cəzalar verilmir. Ona görə də bir məsələni deyəndə fikirləşməlidirlər.
Regionda bizimlə qonşu olan dövlətdə, yəni Ermənistanda prezident seçkilərində 56 nəfər həbs olunub. İnternet saytları dayandı, bütün mətbuat orqanları dayandı, bu günə qədər də açılan yoxdur. Bir dəfə də olsun, Ermənistanın adı bu məsələdə çəkilmir. Çünki bəzi adamların seçiciləri ermənidir. Əgər hansısa prezident məsələyə bu cür yanaşırsa, artıq mənim sözüm yoxdur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əlbəttə, məndən əvvəl danışan deputat həmkarlarım bu barədə öz fikirlərini bildirdilər. Azərbaycan mətbuatında bizim deputatların böyük əksəriyyəti, xüsusilə YAP-dan olan deputatlar, o cümlədən həmkarım Eldar İbrahimov bu gün qəzetdəki çıxışında haqlı olaraq Azərbaycan haqqında Amerika Birləşmiş Ştatlarının Prezidenti tərəfindən deyilən, heç bir arqumentə söykənməyən ifadələrin tamamilə əsassız olduğunu bir daha qeyd ediblər. Şübhəsiz ki, bu gün deputat həmkarlarımın dediklərində də böyük həqiqət vardır. Haqlı olaraq onlar fikirlərini söylədilər. Çünki Azərbaycanın həm bölgədə, həm keçmiş SSRİ məkanında, həm də müstəqillik əldə etdikdən sonra beynəlxalq miqyasda Azərbaycanın demokratik imici, tərəqqisi, inkişafı dünyaya bəllidir. Yəni bu, Azərbaycana qarşı haqsız yanaşmadır. Qənirə xanımın söylədiyi kimi, bu fikirlər ABŞ Prezidenti tərəfindən birinci dəfə səslənmir.
Mən hesab edirəm, ikili standartlara birdəfəlik son qoyulmalıdır. Bunun üçün Amerika Birləşmiş Ştatlarının səfiri Xarici İşlər Nazirliyinə dəvət olunmalı və müvafiq tədbirlər görülməlidir.
Hörmətli Sədr, mənim deyəcəyim ikinci məsələ cənab Prezidentin “Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” imzaladığı Sərəncamla əlaqədardır. Mən hesab edirəm ki, bu işin Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılması, hökumətə xüsusi tapşırıqların verilməsi elmin, təhsilin tərəqqisində sıçrayış olacaq, möhkəm hüquqi baza yaradacaq və mühüm tədbirlərin hökumət tərəfindən işlənib hazırlanmasına təsir göstərəcəkdir. Çünki bütün nailiyyətlərimiz, həmçinin qlobal böhranın qarşısının alınması sahəsində görülən işlər bilavasitə elmlə bağlıdır. Mən hesab edirəm ki, bu proqramın işlənməsi ölkə Prezidenti tərəfindən irəli sürülən tədbirlərin vacibidir və cəmiyyətimiz üçün, dövlətimiz üçün böyük əhəmiyyət daşıyan sənədlərdən biridir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən aprel ayının 30-da Azərbaycanda baş vermiş terror hadisəsi ilə bağlı bir neçə kəlmə söyləmək istəyirəm. Əvvəla, Allah ölənlərin hamısına rəhmət eləsin! Terror hadisəsində ölənlərin əksəriyyəti Azərbaycan Dövlət Neft Akademiyasının müəllim heyəti və tələbələr idi. Amma çox təəssüflər olsun ki, bu hadisəni önləmək mümkün olmadı. Bu da Azərbaycanın hüquq mühafizə orqanlarının işinin o qədər də yüksək səviyyədə olmamasının göstəricisidir.
Biz hadisə yerində olduq. Təxminən hadisə baş verən andan 20 dəqiqə sonra polis ora gəlmişdir. Hadisənin baş verdiyi yer Nəsimi rayon polis idarəsinin qulağının dibindədir. Oradan 2–3 dəqiqəlik yoldur. Eyni zamanda, çox maraqlı detallar var. Silah haradan alınıb və sərhəddən necə keçirilib? Bununla bağlı bizim sərhədlərimizdə də xeyli problemlərimizin olduğu üzə çıxır. Bu qədər dəhşətli bir hadisə baş verir, amma Prezident Administrasiyasının məsul işçisi Əli Həsənov bunu adi hadisə kimi qiymətləndirir. Çox təəccüblüdür. Bu, adi hadisə deyil, terror hadisəsidir. Onlarla insana qəsd olunub və bu cinayətkarın da tək olduğuna şəxsən mənim şübhəm var. Hərçənd ki, indi onun tək olmadığı haqqında da istintaq orqanlarının dedikləri var. Ən azından ona kimlərsə dəstək olub.
Bu terror hadisəsi baş verəndən sonra akademiyada oxuyan tələbələrə dəstək verən digər ali məktəb tələbələrinin, eyni zamanda, Azərbaycanın demokratik düşərgəsinin, müxalifətinin də dəstək verdiyi bir tələb var idi ki, Azərbaycanda matəm elan olunsun. 3 günlük, heç olmasa, 1 günlük matəm elan eləmək olardı. Çünki bundan əvvəl belə hadisələr baş verəndə matəm elan olunmuşdu. Çox təəssüflər olsun ki, bu istək də nəzərə alınmadı. Eyni zamanda, Azərbaycanda gül bayramının ləğv olunması ilə bağlı ötən parlamentin iclasında fikirlər səslənmişdi. Ən azından bu il həmin hadisəyə görə gül bayramı təxirə salınmalı idi. Hələ onların yeddisi çıxmamış parklarda gül bayramı keçirilir, çal-çağır təşkil olunurdu. Bu da xeyli dərəcədə Azərbaycan insanını hiddətləndirir. Biz parlamentdə hüquq mühafizə orqanlarının bu yarıtmaz işini nəzərə alıb, deputatlardan ibarət, ictimaiyyətin də nümayəndələrinin qatıldığı müstəqil bir araşdırma komissiyasının yaradılmasını təklif edirik.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən təəssüf edirəm ki, aprel ayının sonu və mayın əvvəli Azərbaycan xalqı üçün belə ağır hadisələrlə səciyyələnir. Aprelin 30-da Neft Akademiyasında baş verən hadisə, mayın 8-də Şuşanın, sonra Laçının işğalı, təəssüf ki, təqvimdə qara günlərin sayını artırır. Qarabağ problemi ilə bağlı çox intensiv danışıqların getdiyi barədə məlumatlar yayılır. Praqada prezidentlər görüşürlər. Bundan sonra onların Sankt-Peterburqda görüşü nəzərdə tutulub. Bu gün Şuşanın işğal gününə təsadüf etdiyindən mən çox istərdim ki, yaz sessiyasının son iclasında parlament müzakirəsi keçirilsin O vaxta kimi danışıqların ən azı müəyyən mərhələsi arxada qalacaq. Həmsədrlərin ümidli bəyanat verməsi, tərəflərin razılaşmaya çox yaxın olduqlarını ifadə etməsi, habelə dünənki görüşdən sonra Metyu Brayzenin “müəyyən razılığa gəlinib” kimi ifadələri səsləndirməsi parlamentarilər və siyasi dairələr arasında ciddi və əsaslı narahatlığa səbəb olur. Bizə nələr təklif olunur? Biz Qarabağ probleminin həllində hansı mövqeyi tuturuq? Nələr olacaq? Bununla bağlı çox istərdim ki, parlament müzakirəsi keçirilsin.
Əgər ATƏT-in Minsk qrupunun həmsədrləri, ümumiyyətlə, Minsk qrupu tərəfindən danışıqların konfedensial aparılması barədə ilkin razılıq əldə olunubsa, təklif edərdim, parlamentin qapalı iclasında bu məsələ ilə bağlı müzakirə aparılsın. Ən azı deputatlarımız, millət vəkilləri, siyasi təşkilatların nümayəndələri bu barədə ciddi informasiyaya malik olsunlar. Dövlətin, millətin taleyüklü məsələlərinin həllində öz münasibətlərini, təkliflərini, məsləhətlərini, yeri gələndə iradlarını da bildirə bilsinlər. Bu həm millət vəkilinin, həm də parlamentin haqqıdır.
İkinci toxunmaq istədiyim məsələ Azərbaycan Dövlət Neft Akademiyasında baş verən hadisə ilə bağlıdır. Hadisə ciddi faciədir. Təbii ki, müxtəlif dönəmlərdə, müxtəlif dövlətlərdə bu kimi hadisələr baş verir. Amma Azərbaycan bu gün həssas bölgə olduğu üçün hesab etmirəm ki, bunun motivi hər hansı bir şəxsin psixi pozuntusu ilə bağlıdır. Buna görə də həmin hadisə bir şəxsin psixi pozuntusu ilə bağlı deyil. Burada tamamilə başqa əməllər, xüsusilə terror əməli var. Ona görə də çox istəyərdim ki, bu hadisə araşdırılsın. Əhalinin informasiya tələbatını təmin etmək üçün, istintaqa yardım üçün deputatlardan, habelə ictimai statusu olan şəxslərdən ibarət deputat-istintaq qrupu yaradılsın. Çünki istintaqda ifadə olunmayan məsələlər ayrı-ayrı qrupların, ictimai statuslu qrupların toplantısında daha asan əldə olunur.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İstər beynəlxalq, istərsə də Azərbaycanın iqtisadçı ekspertlərinin fikrincə, dünyada baş verən iqtisadi böhranın Azərbaycana vurduğu ziyan təqribən 3,8–4 milyard civarında hesablanır. Bildiyiniz kimi, bankların müflisləşməsinin qarşısını almaq üçün bu yardım real sektora yönəldilsin. Cənab Prezident də Nazirlər Kabinetinin iclasında bildirmişdir ki, valyuta ehtiyatlarının bir hissəsi banklar vasitəsilə real sektora verilmək üçün gətirilməlidir. Ancaq az keçmiş hökumət banklara və real sektora təqribən 2,5 milyard dollar birbaşa yardımın edilməsi qərarını dəyişdi. Xatırlayırsınızsa, sonradan Neft Fondunun icraçı direktoru qurumun aktivlərinin ölkəyə gətirilməsinin planlaşdırılmadığını söylədi və bu məsələyə yekun vuruldu.
Bildiyiniz kimi, xaricdən pul almaq çətinləşib. Hətta əmanətçilərin bir qismi öz əmanətlərini banklardan geri götürürlər. Bu da bankların kreditlərini azaltmasına səbəb olur. Ona görə də bank sektorunu canlandırmaq məqsədi ilə həm də bu real sektora yardım nəzərdə tutulur. Ölkənin valyuta ehtiyatlarından və ya dövlət büdcəsindən banklara uzunmüddətli vəsaitlər ayrılmalıdır.
Ötən dəfə Mərkəzi Bankın rəhbəri hörmətli Elman Rüstəmov burada çıxış edəndə bildirdi ki, narahatçılıq üçün heç bir əsas yoxdur, biz pulları qazanc götürmək üçün yox, qorumaq üçün xaricdə saxlayırıq. Əlbəttə, bu məntiqlə yanaşanda, bildiyiniz kimi, Mərkəzi Bankın pul ehtiyatlarının təqribən 30 milyon dollara yaxını Azərbaycanda saxlanılır. Deməli, yerdə qalan vəsaitin 51 faizi Avropanın kommersiya banklarında, 20 faizi isə Amerikanın Mərkəzi Bankında saxlanılır. Hesab edirəm ki, belə bir vəziyyətdə bu vəsaitin gətirilib real sektora yönəlməsinin kökündə, əslində, daha çox şəxsi maraqlar yatır. Yəni həmin vəsaitlər konfedensial şəkildə xarici banklarda yerləşdirilir və xarici bankların rəhbərləri ilə sövdələşməyə əsasən depozitə qoyulmuş vəsaitdən bank rəhbərliyi öz payını almaqla yanaşı, həm də Mərkəzi Bankın xarici banklardakı vəsaitlərini həmin bankların işləmədiyi iki gün ərzində, yəni şənbə və bazar günlərində ikigünlük depozit formasında digər xarici banklarda yerləşdirməklə gəlir əldə edirlər. Habelə Mərkəzi Bankın hesabında olan vəsaitlərdən faizsiz kredit verilməsi halları da mövcuddur. Hesab edirəm ki, yəqin, biz büdcəyə bu il yenidən baxacağıq. Ona görə də pulların çapı, məhv edilməsi, gizli mühasibatın mövcudluğu, valyuta ehtiyatlarımızın xarici banklarda hansı faiz və necə yerləşdirilməsi məsələləri ilə bağlı Mərkəzi Bankın rəhbərliyinin Milli Məclisə hesabat verməsini zəruri hesab edirəm.
Sədrlik edən. Mübariz Qurbanlı buyursun.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Burada deputat həmkarlarım Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Obamanın çıxışı ilə bağlı bəzi fikirlərini səsləndirdilər. Mən düşünürəm ki, onlar bunu etməklə çox düzgün addım atmış oldular. Çünki dünyada elə hadisələr var ki, onun üzərindən sükutla keçmək olmaz. Biz Azərbaycan xalqı olaraq, dövlətimizə, millətimizə, ölkəmizə qarşı, onun nüfuzuna qarşı söylənilən hər bir fikrə mütləq reaksiya verməliyik. Amerika Birləşmiş Ştatları Prezidenti mətbuat azadlığından bəhs edərkən, Azərbaycanın adını hərbi diktatura rejimi vəziyyətində olan, mətbuat azadlığının, adi insan haqlarının tapdandığı ölkələrin sırasında çəkməklə, təbii ki, bizim milli maraqlarımıza uyğun olmayan fikri dünyanın diqqətinə çatdırıbdır. Nəinki Milli Məclis, hətta bütün siyasi partiyalar, ictimai qurumlar buna reaksiya verməli, münasibətini bildirməlidirlər. Biz sussaq, bunun arxasınca digər fikirlər də səsləndirilə bilər.
Burada deputat həmkarlarım dedilər, Azərbaycanda mətbuat azadlığı ilə bağlı problem yoxdur və bunu hamı etiraf edir. Hamı görür ki, Cənubi Qafqazda, MDB məkanında Azərbaycan mətbuat azadlığında ən öncül yerlərdən birini tutur. Amerika Birləşmiş Ştatları Prezidentinin belə bir fikir səsləndirməsi, hesab edirəm ki, ona verilən yanlış məlumatların nəticəsidir. Bu yanlış məlumatların verilməsində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi də müəyyən mənada məsuliyyət daşıyır. Çünki səfirlik burada olan prosesi daha gözəl bilir. Buradakı hadisələr haqqında vaxtaşırı Dövlət Departamentinə düzgün məlumatlar verməlidir.
Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Prezidenti çıxışında dedi ki, dünyanın ən böyük təhlükəsi terrordur. Doğrudan da, dünyanın ən böyük təhlükəsi terrordur və terrora qarşı bütün dünya ölkələri birləşməlidirlər. Amma bu gün dünyanın ən böyük təhlükələrindən biri ədalətsizlikdir, bu və ya digər hadisələrə ikili yanaşmadır. Əgər dünyada baş verən bu və ya digər hadisəyə obyektiv yanaşılsa, mən hesab edirəm ki, terrorun da kökünü kəsmək olar. Əgər biz terrordan danışırıqsa, bu və ya digər hadisələrə qeyri-adekvat, qeyri-obyektiv yanaşmanın özü də terrordur. Ona görə də biz bununla bağlı müvafiq addımlar atmalı və etirazımızı bildirməliyik.
Azərbaycan Dövlət Neft Akademiyasındakı faciə ilə bağlı fikirlər səsləndirildi. Mən düşünürəm ki, bu faciədən siyasi qazanc kimi istifadə eləmək doğru deyil. Hüquq mühafizə orqanları bu işi araşdırırlar. Hələ üzərindən az vaxt keçibdir. Ona görə də hüquq mühafizə orqanlarına imkan verək ki, bunu araşdırsın və cəmiyyətə məlumat versin. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Elton Məmmədov.
E. Məmmədov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar! Mən də digər deputatlar kimi, bugünkü iclasda qaldırılan məsələyə fikrimi bildirmək istərdim. Bu, Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın dünyada mətbuat azadlığı ilə bağlı mətbuatda yayılan fikirləri ilə əlaqədardır. Hesab edirəm ki, ölkəmizin mətbuat azadlığı olmayan ölkələr sırasında göstərilməsi həqiqətə uyğun deyil. Azərbaycanda mətbuatla bağlı görülən müsbət işlərə qarşı ədalətsizlikdir.
Məlumdur ki, hələ ümummilli liderimiz Heydər Əliyevin prezidentliyi dövründən başlayaraq, Azərbaycan hökuməti mətbuatın inkişafı və müstəqil fəaliyyəti üçün ardıcıl və məqsədyönlü işlər görüb, dövlət büdcəsindən kütləvi informasiya vasitələrinə, o cümlədən müstəqil mətbuata maliyyə yardımı edilib, yığılıb qalan borcları silinib. ABŞ Prezidentinin mətbuat xidməti, çox güman ki, son zamanlar ölkəmizdə xarici radiostansiyaların yerli tezliklərdə yayımının dayandırılmasını mətbuat azadlığının məhdudlaşdırılması kimi qiymətləndirmişdir. Belə qiymətləndirilmənin yanlış olduğu hamıya məlumdur. Dünyanın heç bir ölkəsində xarici radiostansiyalar yerli tezliklərdə yayımlanmır. Prezident Barak Obamaya köməkçiləri tərəfindən ötürülən məlumatlar əsasında Azərbaycanın ünvanına söylənilən fikirlər ölkəmizə qarşı ədalətsizlikdir. Hesab edirik ki, öz prezidentlərinə məlumat hazırlayan dövlət məmurları bu məlumatları həmin ölkədə fəaliyyət göstərən səfirlikləri ilə dəqiqləşdirməli və uzlaşdırmalıdırlar. Arzu edərdik ki, gələcəkdə belə anlaşılmazlıqların baş verməməsi üçün Birləşmiş Ştatların ölkəmizdəki səfirliyinin əməkdaşları yerli ictimai qurumlarla yanaşı, dövlət orqanları ilə sıx əməkdaşlıq etsinlər və diplomatiyanın yüksək etik qaydalarına riayət etsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən istəyirəm, bu məsələlərlə əlaqədar bir-iki kəlmə fikrimi bildirim. Birincisi, Dövlət Neft Akademiyasında baş verən cinayət hamını kədərləndirib. Bu cinayəti araşdırmaq üçün istintaq qrupu yaradılıb və bu cinayətin istintaqı Prezidentin birbaşa nəzarətindədir. Ona görə çox narahat olmaq lazım deyil. Yəqin, bu məsələ açılacaq.
İkincisi, strateji tərəfdaş saydığımız Amerika Birləşmiş Ştatlarının Prezidentinin Azərbaycanı geridə qalmış bəzi ölkələrə bərabər tutmasının səbəblərinə gəldikdə, mən keçən dəfə burada çıxışımda dedim ki, biz pis işləyirik. Mən ümumi mənada dedim ki, biz azərbaycanlılar zəif işləyirik. Bir gün sonra qəzetdə yazdılar ki, spiker dedi, biz işləmirik. Yəni mən bunları xırdalamaq istəmirdim. Mən deyirəm ki, həqiqətən, biz pis işləyirik. Bu məsələlərin yaranmasının səbəbi nədir?
Bir misal çəkəcəyəm. Bu yaxınlarda, yəni 24 aprelə qədər Amerikanın bir konqresmeni Obamaya məktubunda yazır ki, cənab Prezident, əgər Siz “soyqırımı” sözünü işlətməsəniz, gələn seçkilərdə biz uduzacağıq. Deməli, erməni diasporu gücünü ortaya qoyur və göstərir. Bəli, ən böyük ştat Kaliforniya ştatıdır. Ermənilərin ən çox məskunlaşdığı ştatdır. Onlar 5 il qabaqdan hədə gəlirlər. Mən tamamilə əminəm ki, cənab Obamanın çıxışına düşən bu məsələdə yüz faiz erməni diasporunun əli var. Onların imkanları olub ki, bu məsələni həmin çıxışa salsınlar.
O ki qaldı bizim zəif işləməyimizə, biz səfirliyi günahlandırırıq. Bəli, səfirlik də işləməlidir, Amerikanın buradakı nümayəndələri də düzgün xəbərlər verməlidirlər. Ancaq hörmətli deputatlar, elə səfirlikdə hamıdan çox bizim deputatlar olurlar. Siz niyə bu işləri aparmırsınız? Niyə Azərbaycanın həqiqətlərini normal çatdırmırıq? Əfsuslar olsun ki, milli mənafelər olan yerdə əksəriyyət Azərbaycanda yalnız neqativ nöqtələr tapır, bəzi ünsürlər hər yerə Azərbaycan haqqında neqativ məlumatlar verirlər və onlar da bundan istifadə edirlər.
Amerikanın 160 konqresmeni məsələ qaldırır ki, Ermənistan yazıq hökumətdir, iqtisadi cəhətdən çox çətin vəziyyətdədir, ona hərbi və maddi yardımlar göstərmək lazımdır. Yəni bu məsələləri yaradan biz özümüzük. Bizim daxildə və xaricdə mütəşəkkil olmamağımız bununla nəticələnir. Mən razıyam ki, xaricdə demək lazımdır, diplomatik nümayəndəliklə mütəmadi əlaqələr qurmaq lazımdır, işləmək lazımdır. Heç kimi günahlandırmaq lazım deyil. Bizim zəif işləməyimiz nəticəsində azad mətbuatın inkişafına görə Azərbaycanı Zimbabve kimi bir ölkə ilə bir sıraya qoyurlar. Buna sevinənlər də var. Onlar Azərbaycanı istəmirlər, Azərbaycanın düşmənləridirlər.
Bu məsələni böyütmək istəmirəm. Mən sizin bu narahatlığınıza qoşuluram və inanıram ki, ortaya çıxan belə məsələlər Azərbaycan–Amerika münasibətlərinə xələl gətirməz. Azərbaycan antiterror koalisiyasına üzv olan ölkələrdən biridir. Azərbaycan əsgərləri İraqda, Əfqanıstanda sülhməramlı qüvvələrin tərkibində iştirak edirlər. Biz çalışacağıq ki, əlaqələrimizi bundan sonra da genişləndirək, Amerika Birləşmiş Ştatları ilə tərəfdaşlıq mövqeyimizi saxlayaq. Azərbaycan kiçik dövlət olsa da, həqiqətən, cənab Prezidentin dediyi kimi, Azərbaycan xalqı ləyaqətli xalqdır. Bizə daim hər tərəfdən təsirlər olur, ancaq biz bu təsirlərdən çəkinməmişik və gələcəkdə də çəkinməyəcəyik.
Mən hesab edirəm ki, iclasımızı davam etdirmək lazımdır. Gündəliyə keçirik. Gündəliyin birinci məsələsi– “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi barədə”. Buyursun Ziyafət Əsgərov.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, cənab Prezidentin imzası ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında qanun layihəsi daxil olub. Həmin qanun layihəsinin Əsasnaməsi və yubiley medalının təsviri artıq sizdə var.
Bilirsiniz ki, biz bir sıra dövlət orqanlarımızın yubileylərini, habelə Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yaradılmış dövlət orqanlarının yubileylərini qeyd edirik. Keçən il biz Milli Məclisin yubileyini qeyd elədik. Eyni zamanda, Milli Məclisin yubiley medalını təsis elədik. Milli təhlükəsizlik orqanlarının, daxili işlər orqanlarının, ədliyyə orqanlarının yubileyləri qeyd olunub. Hazırda bizim müzakirəmizə “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)” yubiley medalının təsis edilməsi haqqında qanun layihəsi təqdim olunub. Mən artıq qeyd elədim, medalın təsviri, Əsasnaməsi sizə paylanılıbdır. Ona görə mən hesab edirəm ki, bu qanun layihəsinə səs verib, qəbul etmək olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vidadi Məmmədov.
V. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli deputatlar! “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında qanun layihəsi müzakirəmizə təqdim olunmuşdur. Hesab edirəm ki, bu, təqdir olunacaq bir təşəbbüsdür. İnsanlar həyatı boyu özünə qarşı diqqəti yüksək qiymətləndirirlər. Həyatda qazanılan hər bir müvəffəqiyyət insanın cəmiyyətdə rolunu və nüfuzunu müəyyənləşdirir. İnsanların fəaliyyətinə müsbət qiymət verilməsi onun potensialının xeyirli istiqamətdə realizə olunmasına xidmət edir. Bu mənada belə medallarla və mükafatlarla müxtəlif sahələrdə çalışan insanların təltif edilməsi vacib məsələlərdən biridir. Hətta bəzi beynəlxalq tədbirlərdə iştirakçılara hörmət mənasında döş nişanları hazırlanır və təqdim olunur. Bu təşəbbüsü ürəkdən bəyənirəm və təsdiq olunmasına səs verəcəyəm.
Hörmətli cənab Sədr, Milli Məclisin də 90 illik yubileyi çox təntənəli qeyd olundu. Bu gün Milli Məclis üzvlərinin əksəriyyəti cəmiyyət tərəfindən qəbul olunmuş insanlardır. 1993-cü ilə qədər Milli Məclisin iclaslarını səbirsizliklə gözləyirdilər ki, şouya tamaşa etsinlər. Hazırda Milli Məclis çox səviyyəli, savadlı, ciddi və məsuliyyətli deputat korpusuna malikdir. Yaxşı olar ki, deputatlar beynəlxalq təşkilatlardakı işinə, qanunların hazırlanmasındakı fəaliyyətinə, mətbuatla birgə fəaliyyətinə, seçicilərlə apardığı səmərəli fəaliyyətə və sair nominasiyalara görə yubiley medalları ilə vaxtaşırı təltif olunsunlar. Bu, Milli Məclisin fəaliyyətini daha səmərəli etməklə, seçicilərin də istəyini təmin etmiş olar. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Diqqətinizə çatdırım ki, medal artıq hazırdır, sifariş verilib. Bu günlərdə artıq medalın ilk sahibləri bəlli olacaq. Onları burada hamımız bir yerdə təbrik edəcəyik. Xahiş edirəm, məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.41 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik və əlavələrin edilməsi barədədir. Ziyad Səmədzadə buyursun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Respublikada əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklarda fiziki şəxslərə məxsus pul vəsaitinin mümkün itkisinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Bu, eyni zamanda, bank sistemindən kənarda dövr edən sərbəst pul vəsaitlərinin banklara cəlb edilməsi yolu ilə daxili ehtiyatlar hesabına ölkə iqtisadiyyatının inkişafında mühüm vasitə sayılır.
Hazırda qüvvədə olan qanunun 2.1.2.6-cı maddəsinə görə cəlb edildiyi günə Milli Bankın uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər aid edilmir. Qlobal böhran şəraitində maliyyə sabitliyinin qorunması məqsədi ilə aparılan pul-kredit siyasəti çərçivəsində 2008-ci ilin ikinci yarısından başlayaraq, Mərkəzi Bankın uçot dərəcəsi getdikcə aşağı salınmış, 2009-cu ilin yanvar ayından 5 faiz, mart ayından isə 3 faiz səviyyəsində müəyyən edilmişdir. Bununla əlaqədar qorunan əmanətlər üzrə maksimal faiz dərəcələri dövrə müvafiq olaraq 9 və 5,4 faiz təşkil etmişdir. Bunun nəticəsində, faktiki olaraq, bütün müddətli əmanətlər qorunmayan əmanət statusu almışdır.
Belə ki, bu dövrdə müddətli əmanətlərin orta faiz dərəcəsi 13 və 14 faiz olmuşdur. Təklif olunan düzəlişdə qeyd olunan maksimal faiz dərəcəsinin iqtisadi şəraitə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən Mərkəzi Bankla razılaşdırılmaqla müəyyən olunması nəzərdə tutulur. Bilirsiniz ki, biz “Əmanətlərin sığortalanması haqqında” Qanunda Əmanətlərin sığortalanması Fondunun Himayəçilik Şurasının yaradılmasını və onun əsas prinsiplərini müəyyən etmişdik. Təklif olunan digər yenilik sığorta məbləği ilə bağlıdır belə ki, qanunun 26-cı maddəsinə görə hazırda qorunan əmanətlərin kompensasiya məbləği 6 min manat təşkil edir. Qanuna görə 2010-cu ildən etibarən həmin məbləğin 8 min manat olması nəzərdə tutulurdu. Lakin dünyada böhran proseslərinin dərinləşməsi şəraitində bankların xarici bazarlardan maliyyə resursları cəlb etmək imkanları daraldıqca, daxili investisiyaların genişləndirilməsi potensialının artırılması və stimullaşdırılması vacib amilə çevrilir. Bu məqsədlə cənab Prezidentin Milli Məclisə göndərdiyi qanun layihəsində qorunan əmanətlər üzrə kompensasiya məbləğinin 30 min manat səviyyəsinədək artırılması təklif olunur. Hesab edirik ki, bu, həqiqətən, çox vacibdir və bankların aktivlərinin artmasına xeyli kömək edəcəkdir.
Qanun layihəsinin ikinci hissəsində keçid müddəası ilə təklif olunan düzəlişlərin 2009-cu il yanvarın 1-dən qəbul olunan bütün əmanətlərə şamil edilməsi nəzərdə tutulur. Millət vəkillərindən bu qanun layihəsinə dəstək vermələrini xahiş edərdim. Milli Məclisin İqtisadi siyasət komitəsində qanun layihəsi birmənalı şəkildə müdafiə olunmuşdur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0  
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Salyan rayonunun Şatrovka kəndinin adının dəyişdirilməsi haqqındadır. Buyursun Rüstəm Xəlilov.
R. Xəlilov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Hörmətli Sədr, hörmətli deputat həmkarlarım! Qanun layihəsində Salyan rayonunun Şatrovka kəndinin adının dəyişdirilib Çadırlı kəndi adlandırılması kənd əhalisinin böyük əksəriyyətinin müraciətində, onların yığıncağında, icra hakimiyyəti orqanının və bələdiyyənin toplantısında, habelə Milli Məclis yanında Toponimiya komissiyasının yığıncağında müsbət hal kimi qəbul olunmuşdur. Bu məsələ bizim Regional məsələlər komitəsində də müzakirə olundu və müsbət hal kimi dəyərləndirildi. Deputat həmkarlarımdan Salyan rayonunun Şatrovka kəndinin adının dəyişdirilib Çadırlı kəndi adlandırılması ilə əlaqədar qanun layihəsinə müsbət səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Mən bu ad dəyişdirilməsi proseduru barədə danışmaq istəyirəm. Növbəti gündəlikdə də bu tipli məsələlər var. Amma bizə müraciətlər daxil olmağa başlayıbdır. Həmin toplanan sənədlərin qanuni olub-olmaması barədə əhalidən şikayətlər daxil olur. Hörmətli Sədr, Hacıqabul rayonunun Abdulyan kəndindən Prezidentin və Sizin adınıza, habelə mənə müraciət daxil olubdur. Prezidentlə və Sizinlə görüşmək problemlidir. Ona görə də sənədlərini mənə təqdim etdilər. Bu tipli dəyişikliklə bağlı hörmətli Aydın müəllim də ötən iclasların birində müraciət etmişdi. Abdulyan kəndinin adının dəyişdirilməsi barədə guya 120 adamın və başqa bələdiyyələrin adından müraciət daxil olubdur. Gələn nümayəndələr bildirirlər ki, heç bir ümumi yığıncaq keçirilməyib, saxta sənədlər təqdim olunubdur. Hətta onlar mənə sənəd təqdim etdilər ki, Milli Məclisdə bir dəfə bu məsələ müzakirə olunub, Milli Məclisin qərarı olub və təklif rədd olunub. Bu, stenoqramlarda da var, belə bir qərar da var. Bu məsələnin müzakirəsi televiziyada da nümayiş etdirilib.
Bu kəndin adı haqqında mənə sənədlər təqdim ediblər, Azərbaycan Demokratik Respublikası dövrünün sənədləridir, XIX əsrə aid arxiv sənədləridir, həmçinin Rusiya arxivlərindən götürülmüş sənədlərdir. Camaatın etirazı ondan ibarətdir ki, həmin “Abdulyan” sözünün axırıncı şəkilçisindən belə bir qondarma fikir yaranır ki, guya burada ermənilərlə əlaqə var. Belə şey olmaz, axı. “Salyan”da da “yan” sözü var, “Şilyan”da da var, Dəzgan var. Bilirsiniz, bizdə belə bir qorxu olmamalıdır. Əhalinin də dediyinə görə, bu, qədim bir kənddir. Burada nümayəndələr bildirdilər. Çox xahiş edirik, bu məsələyə baxan Toponimiya komissiyasının nümayəndələri diqqətli olsunlar. Bu barədə tapşırıq verən icra hakimiyyəti orqanları yerlərdə məktəb direktorunu və ya 3–4 bələdiyyə üzvünü hədələyib, qorxudub, təzyiq edib. Təbii ki, bütün hallara aid deyil. Bu cür məsələlər ümumi aparılan işə də kölgə salır. Həqiqətən, müəyyən müsbət əhəmiyyəti olan addımların da, deyək ki, əks istiqamətdə işləməsinə səbəb olur.
Hörmətli Sədr, Sizə göndərilən məktubların, teleqramların surətini mənə göstərdilər. Mən çox xahiş edirəm, həmin məsələni nəzarətə götürəsiniz. Ümumiyyətlə, bu məsələlərdə, doğrudan da, qanuna, qaydaya əməl olunmasına, nəzarətin təşkil olunmasına böyük ehtiyac var.
İndi biz burada Azərbaycanın adının Zimbabve adı ilə yanaşı çəkilməsini gördük. Orada, həqiqətən, elə adlar var ki, müxalifətdən olan bir deputat kimi bizə də təəccüblü görünür. Amma bununla yanaşı, redaktorların azad olunması, televiziyaların üzərindən bu nəzarətin götürülməsi söz və mətbuat azadlığı üçün vacibdir. Bu cür halların, konkret olaraq, insanların ləyaqətinin, fikrinin, özlərini ifadə etmək hüququnun kobudcasına hansısa bir məmur tərəfindən və ya yuxarıdan verilmiş tapşırıq əsasında tapdanması belə bir mühit yaradır. Bir daha təkrar edirəm, sonda bu cür hallarla nəticələnir.
Hörmətli Sədr, konkret bu tipli iclasların biri haqqında da Sizə mənim bir müraciətim var, digər başqa dövlət qurumlarına da müraciətim var. Sadəcə, bu məsələ elədir ki, mən həmin məsələnin məğzinə toxunmaq istəmirəm. Məndə olan məlumata görə onu Prezident Administrasiyasına göndərmisiniz. Bu, konkret Milli Məclisin səlahiyyətinə aid olan bir məsələdir. Milli Məclisin Aparatı var. Xahiş edirəm, bilavasitə bizim səlahiyyətimizə aid olan bir məsələ olduğuna görə mənim iştirakımla həmin məsələnin yoxlanılmasına, həqiqətin üzə çıxarılmasına, insanların qanuni hüquqlarının təmin olunmasına nəzarət edəsiniz, bu işin qanun çərçivəsində həllinə çalışasınız.
Sonda, burada əvvəlcədən hazırlanmış çıxışlar oldu. Bəzi hallarda həmin çıxışlardakı ədalətli məqamları, təbii ki, biz də qeyd edirik. Amma Qənimət Zahidlə Eynulla Fətullayev azad olunmalıdır. Həmin redaktorlar azad olunmayana qədər bu cür zərbələri bütövlükdə Azərbaycan almaqda davam edəcək. Xahiş edirik, ölkənin siyasi rəhbərliyi bu məsələni də nəzərə alsın. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah bəy, birincisi, belə çıxır, sənin mənim dəftərxanamdan da xəbərin var, amma mənim xəbərim yoxdur. Mən də elə məktub almışam, mən də Prezident Administrasiyasına məktub göndərmişəm. İkincisi, bilirsiniz ki, bu adların dəyişməsi üzrə Toponimiya komissiyası var. Yəqin, bu barədə Arif Rəhimzadə deyəcək. Xahiş edərdim ki, dəqiq bilmədiyiniz şeyləri burada səsləndirməyəsiniz.
İkincisi, Siz nə vaxt mənimlə görüşmək istəmisiniz, amma görüşə bilməmisiniz? Hansı bir millət vəkili deyə bilər ki, görüşmək istəyib, amma görüşə bilməyib?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Vətəndaşlardan gələn bütün məktublara cavab da verilir, görüşlər də olur. Nəinki vətəndaşlardan, deputatlardan gələn şikayətlərə də baxılır, hamısına cavab verilir. Mən hesab edirəm ki, bu məsələ barədə çox ətraflı danışmaq lazım deyil. Əgər lazımdırsa, komitənin sədri Arif Rəhimzadə iki kəlmə desin. Prosedur maraqlandırırsa, sonra səsə qoyaq. Buyurun, Arif müəllim.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, cənab Sədr. Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilməsi ilə əlaqədar, həqiqətən, müraciətlər olubdur. Müraciət edənlərin arasında Pənah Hüseyn də olubdur. Onun müraciəti ilə əlaqədar Prezident Aparatı ilə mən danışmamışam. Pənah Hüseyn mənə müraciət edəndə belə məlumat vermişdi ki, əhalinin xəbəri olmadan icra hakimiyyəti orqanlarının təkidi nəticəsində Abdulyan kəndinin adının dəyişdirilməsi barədə qərar qəbul olunubdur.
Ümumiyyətlə, deməliyəm ki, həmin Abdulyan kəndinin adının dəyişdirilməsi məsələsinin böyük tarixi var. 1990-cı illərin əvvəllərində Xalq Cəbhəsi tərəfindən həmin məsələ qaldırılmışdı. Hesab edirdilər ki, sonunda “yan” şəkilçisi olan toponimlərin hamısı erməni mənşəlidir. Halbuki ermənilər də bunu farslardan götürüblər. Hazırda həmin məsələ ilə əlaqədar icra başçısı ilə danışılıbdır. Əhalinin rəyi necə olacaqsa, həmin rəyə Toponimiya komissiyasında baxılacaqdır. Ondan sonra hansısa bir qərar qəbul oluna bilər. Burada kiminsə istəyib-istəməməsi ilə məsələ həll olunmur. Qanun var, qanun çərçivəsində məsələ öz həllini tapacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gördün, Pənah bəy, Arif Rəhimzadə ilə məni qarışıq salmısan. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf  0
Səs vermədi 0  
İştirak edir  104
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədədir. Bu qanun layihəsinə iki komitədə baxılıb. Birinci Rəbiyyət Aslanovaya söz verilir.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün sizin müzakirənizə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsi təqdim olunub. Deyim ki, artıq uzun illərdir, biz bu qanun layihəsinə əlavə və dəyişikliklər edilməsi arzusundaydıq. Çünki “Dini etiqad azadlığı haqqında” Qanun 1992-ci ildə qəbul edilmişdir və keçən müddət ərzində qanunun müddəalarının təkmilləşməsi məqsədi ilə edilən dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması və təmin olunması sahəsində mühüm addımlar kimi qiymətləndirilməlidir. Mövcud dəyişikliklərin edilməsi din və dövlət münasibətlərinin, cəmiyyətdə dinin yeri və rolunun sivil prinsiplərlə inkişafının təmin olunması zərurətindən irəli gəlir.
Demokratiya cəmiyyət deyil, keyfiyyət göstəricisidir. Demokratik cəmiyyətdə insan hüquqlarının ən fundamental əsaslarının təmin olunması ilə mükəmməl bir cəmiyyətə nail olmaq olar. Dini prinsiplərin mənəvi kamilləşməyə xidmət etməsi ilə cəmiyyətin daxili münasibətlərində yüksəliş əldə edilir. Din təkcə subyektiv seçim deyil. Cəmiyyətin həyatında mühüm rol oynayaraq əsrdən-əsrə ötürülən din insanda ən ali hisslərin formalaşmasına səbəb olur. Lakin müasir dövrdə tarixən əldə etdiyimiz ən böyük dəyərləri – tolerantlıq, dözümlülük, dialoq, bir-birinin dəyərlərini etiraf etmək kimi mənəvi sərvətləri itirməmək üçün dini sahəyə xüsusi həssaslıqla yanaşmalıyıq. Azərbaycan dünyaya nümunə ola biləcək bir sivil məkandır. Yaşadığımız məkana təsir etmək iddiasında olan, mövcud siyasi və mənəvi sabitliyimizi pozmaq istəyən qüvvələr də az deyil. Milli-mənəvi müqavimət qüvvəsinin artırılması, milli təhlükəsizlik konsepsiyamızın əsas müddəalarının gerçəkləşməsi üçün qüvvələrimizin səfərbər etdirilməsi günün vacib tələblərindən biridir.
Bu gün sizə təqdim olunan bu sənəddə başlıca məqsəd Azərbaycanda dini etiqad azadlıqlarını həyata keçirmək, dini qurumların fəaliyyəti ilə bağlı yaranan münasibətləri daha səmərəli tənzimləmək, dövlətin münasibətlərini hüquqi müstəvidə daha doğru müəyyənləşdirmək və bu sahədə qanunvericilikdə olan boşluqları aradan qaldırmaqdan ibarətdir. Təklif olunan əlavə və dəyişikliklər bir neçə qrupa bölünməlidir. Bunlardan birincisi haqqında danışmaq istərdim. Azərbaycan Respublikası Konstitusiyasının mövcud mətninə, o cümlədən 2009-cu il mart ayının 19-da keçirilmiş referendumda qəbul edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq qanunun 1-ci maddəsinin ikinci hissəsi yeni redaksiyada verilir. Konkret olaraq təklif olunan yeni mətn Konstitusiyanın 18-ci, 47-ci və 48-ci maddələrinə əsaslanır. Burada deyilir: “...Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor işlətməklə və ya zor işlədiləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.” Bundan əlavə, Konstitusiyanın adı çəkilən müddəaları qanuna əlavə edilən 12.1-ci maddənin ikinci bəndində də öz əksini tapmışdır.
İkinci qrup dəyişikliklər. Avropa insan haqları Konvensiyasının vicdan və din azadlıqlarını nəzərdə tutan 9-cu maddəsinin ikinci hissəsinə uyğun olaraq qanunun 1-ci maddəsinin üçüncü hissəsi yeni redaksiyada verilir. Hesab edirəm ki, bu, olduqca vacib dəyişiklikdir. Burada məqsəd ölkə qanunvericiliyini beynəlxalq hüquq normalarına uyğunlaşdırmaqdan, əsas insan hüquqlarından biri olan dini etiqad azadlığının Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrə müvafiq surətdə həyata keçirilməsini təmin etməkdən ibarətdir. Başqa sözlə, belə bir prinsip əsas götürülür ki, dini etiqad azadlığı yalnız dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş əsaslara görə məhdudlaşdırıla bilər. Buna uyğun olaraq qanunun yeni 12.1-ci maddəsində göstərilir ki, müvafiq olaraq dini qurumun qeydiyyatından imtina olunarkən və dini qurum ləğv olunarkən qanunun 1-ci maddəsinin üçüncü hissəsinin tələbləri, xüsusən hüquqi müəyyənlik və mütənasiblik prinsipləri mütləq nəzərə alınmalıdır.
Üçüncü qrup dəyişikliklər dini qurumların dövlət qeydiyyatına alınması və ləğv olunması qaydasının qanunda müəyyənləşdirilməsi və bu sahədə olan boşluqların doldurulması ilə bağlıdır. Bu məqsədlə qanunun 12-ci maddəsinə bir sıra əlavələrlə yanaşı, dini qurumların ləğv edilməsinə həsr edilmiş yeni 12.1-ci maddə əlavə edilmişdir.
Hörmətli millət vəkilləri, bu gün Azərbaycanda olan dini qurumlarla əlaqədar kiçik bir arayışı nəzərinizə çatdırmaq istərdim. Çünki əgər burada söhbət dini qurumların yenidən qeydiyyatdan keçməsi və ləğv olunması problemindən gedirsə, hesab edirəm ki, millət vəkilləri bu gün Azərbaycanda fəaliyyət göstərən dini qurumlar haqqında müəyyən təsəvvürə malik olmalıdırlar. Bu gün Azərbaycanda fəaliyyət göstərən dini qurumlara gəldikdə nəzərinizə çatdırım ki, respublikamızın ərazisində istər islam dininə, istərsə də digər dinlərə xas olan dini qurumlar mövcuddur. Bu, Azərbaycanda mövcud olan tolerantlıq prinsipinin gerçəkləşməsindən irəli gəlir. Mən bunların sayını demək istərdim. Azərbaycanda 1750-yə yaxın məscid mövcuddur ki, onlardan 500-ü pasportlaşıb, dövlət balansına alınmışdır. Onların içərisində digər ölkələr tərəfindən tikilmiş məscidlər də var. Ancaq bu gün respublika ərazisində xarici sərmayə ilə bir məscid belə tikilmir. Respublika ərazisində mövcud olan məscidlərin və dini obyektlərin təqribən 53,2 faizi cənub zonasının payına düşür.
Dini icmalar haqqında danışmaq istərdim. Hazırda Azərbaycanda 533 dini icma rəsmi dövlət qeydiyyatından keçmişdir. Onlardan 32-si qeyri-islami dini icmalar, qalanları isə müsəlman icmalarıdır. 2006-cı ilə qədər qeydiyyatdan keçən icmalar hüquqi ünvan olaraq yalnız mənzil, qeyri-yaşayış binası, özəl sənədlərə malik olan bina və tikililəri göstərirdilər. Sonradan isə bu icmalar hər hansı bir məsciddə fəaliyyət göstərə bilərdilər. Hazırda bir çox icmalar məhz bu prinsip əsasında fəaliyyət göstərirlər. Yəni onlar başqa ünvanda qeydiyyatdan keçsələr də, sonradan hüquqi olaraq onlara məxsus olmayan məscidlərdə fəaliyyət göstərmişlər. Eyni zamanda, bir sıra icmalar da dövlət qeydiyyatından keçsələr də, bu günə qədər məscidlərdə deyil, digər ünvanlarda fəaliyyət göstərirlər. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə 2006-cı ildən müsəlman icmaları hüquqi ünvan olaraq yalnız məscidlərdə qeydiyyatdan keçə bilərlər. Təəssüf ki, əksər məscidlərin texniki sənədləri olmadığına görə, bəzi hallarda bu proses icmalar üçün problem yaradır. Qeyd olunduğu kimi, məhz bu səbəbdən 1250-dən çox məscid dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərir. Qeydiyyatdan keçmək üçün əsas problem məscidlərin bir çoxunun kənd yerlərində olması, məscidə gələnlərin hüquqi savadsızlığı və maddi problemlərdir. “Dini etiqad azadlığı haqqında” Qanuna təklif edilən əlavə və dəyişikliklərdə isə nəzərdə tutulur ki, dini icmaların yalnız qeydiyyatdan keçdikdən sonra fəaliyyəti məqsədəuyğundur.
Digər dini qurumlar haqqında bir neçə kəlmə demək istəyirəm. Bu gün Azərbaycanda 50-yə yaxın kilsə, ibadət evi, senaqoq mövcuddur. Bunlardan 5-i rus provaslav, 4-ü gürcü provaslav, 6-sı senaqoq, 1-i Roma katolik kilsəsidir. Bu gün Azərbaycanın ərazisində yevangeliya xristian malakanlar, xristian babtistlər, 7-ci günü adiventistlər, 50-ci günü yevangeliya xristianları və sair icmaları fəaliyyət göstərirlər. Bütün bunları deməkdə məqsədim ondan ibarətdir ki, Azərbaycandakı dini qurum və həmin dini qurumların qeydiyyatdan keçməsinin bu gün Azərbaycan reallığı üçün nə qədər vacib olduğunu diqqətinizə çatdırım.
12-ci maddəyə əlavə olunan birinci hissədə, sözsüz ki, bu məqam öz əksini tapıb. Burada deyilir: “Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra hüquqi şəxs kimi fəaliyyət göstərə bilərlər”.
12-ci maddənin ikinci hissəsinə edilən əlavədə dini qurumun dövlət qeydiyyatına alınması üçün təqdim etdiyi ərizə və ona əlavə edilən sənədlər öz əksini tapmışdır.
Komitələrin birgə iclasından sonra 12-ci maddəyə edilmiş bir dəyişikliyi də sizin diqqətinizə çatdırmaq istərdim. Dini qurumların dövlət qeydiyyatına alınması artıq bu qanunla nizama salındığına görə, dini qurumların qeydiyyata alınması və qeydiyyata alınmasından imtina edilməsinin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimləndiyini nəzərdə tutan 12-ci maddənin beşinci hissəsinin çıxarılması təklif olunmuşdur. Bu hissənin əvəzinə sizə paylanan variantda altincı hissə kimi göstərilən hissə daxil edilmişdir və müvafiq olaraq yeddinci, doqquzuncu hissələr altıncı, səkkizinci hissələr kimi oxunmalıdır. Bu yeni hissələrdə dini qurumların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün 3 əsas müəyyən edilmiş və olduqca vacib bir müddəa təsbit edilmişdir ki, bu da “Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə dini qurumun dövlət qeydiyyatına alınmasından imtinaya yol verilmir” ifadəsidir.
Qeyd etdiyim kimi, qanuna əlavə olunan 12.1-ci maddədə dini qurumların ləğv edilməsi məsələsi tənzimlənmişdir. Göstərilir ki, dini qurumlar 2 halda ləğv edilə bilər: təsisçilərin və ya nizamnamə (əsasnamə) ilə buna vəkil edilmiş orqanın qərarı ilə və müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə.
Dördüncü qrup əlavə və dəyişikliklər müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin daha səmərəli təşkil edilməsi və onun səlahiyyətlərinin dəqiqləşdirilməsi ilə bağlıdır. Bu məqsədlə qanunun 29-cu maddəsinə bir sıra bəndlər əlavə edilib. Konkret olaraq müvafiq icra hakimiyyəti orqanına dini ibadət yerlərinin tikintisinin və yenidən qurulmasının məqsədəuyğunluğu barədə və dini tədris müəssisələrinin proqramlarını təhlil və təsdiq etmək, dini tədris keyfiyyətinin müəyyən edilməsi üçün rəy vermək səlahiyyəti verilmişdi.
Mən Azərbaycanda fəaliyyət göstərən dini tədris müəssisələrindəki tədrisin keyfiyyəti haqqında fikrimi də bildirmək istərdim. Bu gün Azərbaycanda 1992-ci ildən yaranmış Bakı İslam Universiteti fəaliyyət göstərir. Hazırda bu universitetin bir sıra rayon və şəhərlərdə – Mingəçevirdə, Sumqayıtda, Zaqatalada və Lənkəranda filialları mövcuddur. Bakı İslam Universitetinin təsisçisi Qafqaz Müsəlmanları İdarəsidir. Bundan başqa, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 4 mədrəsə var. Bunlar Şəki, Zaqatala, Ağdaş və Bakı şəhərində fəaliyyət göstərirlər. Bu mədrəsələrin də təsisçisi Qafqaz Müsəlmanları İdarəsidir. Eyni zamanda, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsində də ali təhsilli dini kadrlar hazırlanır. Qanunda bu məsələyə, yəni dini təhsilə önəm verilməsi məhz ondan irəli gəlir ki, bu gün Azərbaycanda din xadimlərinin də attestasiyasına böyük ehtiyac var. Çünki yeni formalaşan dini kadrlar, yəni təkcə Azərbaycanda deyil, həm də dünyanın müxtəlif ölkələrində təhsil almış dini kadrlar Azərbaycana qayıtdıqdan sonra onların fəaliyyətinə ciddi nəzarət lazımdır. Məni narahat edən məsələlərdən biri də budur ki, müxtəlif ehkamiyyət və ibadət prinsiplərinin rəhbər tutulduğu ayrı-ayrı dini universitetlərdə müxtəlif istiqamətlərdə təhsil verilir. Bu insanlar Azərbaycana gəldikdən sonra biz sanki dini qarşıdurma ilə rastlaşırıq. Çünki islamda mövcud olan fərqli istiqamətlərə və cərəyanlara xas olan keyfiyyətlər bu insanların şüurunda mövcuddur. Bu baxımdan sizə paylanılan qanun layihəsində dini təhsilə xüsusi önəm verilir. Ümumiyyətlə, komitəyə verilən səlahiyyətin və dini tədris prosesinə nəzarət edilməsinin vacibliyi gündəmdədir.
Nəhayət, müasir qanunvericiliyin tələbləri nəzərə alınaraq qanunda bir sıra texniki və redaktə xarakterli dəyişikliklər edilmişdir. Məsələn, 3-cü maddə çıxarılmışdır. Qanun layihəsindən zaman-zaman bir sıra maddələr çıxarılmışdır. Biz bunu zaman faktorunu nəzərə alaraq etmişik. İndi də 3-cü maddənin çıxarılmasını əsaslandıraraq deyə bilərəm ki, bu, ilk növbədə onunla əlaqədardır ki, 1992-ci ildə qəbul edilmiş bu qanunda preambula yox idi. Hər bir qanunun məqsəd və məramının mahiyyətini ortaya qoymaq üçün preambula hissəsində bütün bu məqamlar öz əksini tapır. Ancaq təəssüf ki, qanunda bu yox idi və çox pərakəndə halda 3-cü maddədə verilmişdi. Artıq qanunun çox zəngin, mükəmməl bir preambulası var və 3-cü maddədə olan müddəalar burada dəqiqləşdirilmişdir. Preambulada din-dövlət, vətəndaş-din münasibətlərinin dəqiqləşdirilməsi öz əksini tapıb. Beləliklə, bu, “Dini etiqad azadlığı haqqında” Qanunun müddəaları haqqında çoxdan gözlədiyimiz qısaca bir məlumatdır.
Hesab edirəm ki, hər biriniz sənədi diqqətlə oxumusunuz. Ayın 6-da Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında hörmətli millət vəkilləri öz fikirlərini demişlər. Bu fikirlərin içərisində məqbul olan və məqbul olmayan, yəni gerçəkliyimizə o qədər də uyğun olmayan məqamlar da var idi. İnanıram ki, burada olan hər bir kəs bizim üçün çox həssas və insanların iç dünyasına güclü təsir qüvvəsi olan dini sahəyə öz münasibətini bildirəcək. Ancaq məqsəd, məqam birdir: milli-mənəvi sərvətimiz olan dinimizi mənəviyyatımıza yad olan təsirlərdən qorumaq. Bu gün mövcud olan gözəl mənəvi, sağlam mühiti qorumalıyıq. Biz imkan verməməliyik ki, Azərbaycanın bu gözəl mühitinə milli-mənəvi sərvətimizin mahiyyətinə kimlərsə müdaxilə etsin və demokratik prinsiplərə əsaslanan hüquqi dövlətimizdə müəyyən lazımsız məqamlar ortaya çıxsın. Bu qanun layihəsinə münasibətiniz çox önəmlidir. Hər bir müddəa ilə bağlı dediyiniz fikirlər nəzərə alınacaq. Sizin dəyərli fikirlərinizi gözləyirik. Diqqətinizə görə minnətdaram.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun, Rəbiyyət xanım. Hörmətli deputatlar, bu qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsində də müzakirə olunub. Əli müəllim, əlavəniz olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır, çox sağ olun. Müzakirəyə başlayırıq. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli deputatlar, mətbuatda, ümumiyyətlə, ictimaiyyət arasında ən çox müzakirə olunan bir qanuna əlavə və dəyişikliklər təklif olunur. Mən bu qanun layihəsini hazırlayanlara xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu gün qloballaşan dünyada dini cərəyanlar vasitəsilə bu və ya digər hərəkətlərin həyata keçirildiyi bir zamanda belə bir qanun layihəsinin təqdim olunması təqdirəlayiqdir. Qanun layihəsinə səs verəcəyəm və deputat həmkarlarımdan da xahiş edirəm ki, bu sənədə səs versinlər.
Lakin mən qanun layihəsində bir neçə məqamı görmək istərdim. Yəqin ki, müzakirədən sonra bunlar nəzərə alınacaqdır. Bu saat vəziyyət belədir ki, Azərbaycanı dini dözümlülük baxımından dünyada ən qabaqcıl ölkə kimi qiymətləndirirlər. Bu da ölkə başçısının apardığı siyasətin nəticəsidir. Digər dinlərə, qeydiyyatdan keçmiş dini qurumlara hörmətlə yanaşılır, onlara şərait yaradılır. Bütün dünyada qəbul olunmuş dinlərlə bağlı Azərbaycanda heç bir problem yoxdur. Sadəcə olaraq, bəzi məsələlərdə problemlər yaranıb. Bu problemlərin səbəbi nədən irəli gəlir? Bəzən görürük ki, bizim qadınlar, gənclər, ayrı-ayrı insanlar qeyri-qanuni fəaliyyət göstərən sektalara qoşulurlar, qeyri-destruktiv fəaliyyətlə məşğul olurlar. Bunun da əsas səbəblərindən biri budur ki, biz öz dinimizi insanlarımıza lazımi səviyyədə çatdıra və düzgün təbliğ edə bilmirik. Bu təbliğatın düzgün olmaması nəticəsindən də gənclər başqa istiqamətlərə gedirlər.
Mənim burada kiminsə fəaliyyətinə qiymət vermək fikrim yoxdur. Hamının xətrini çox istəyirəm, amma dövlətimin və millətimin xətrini hamıdan çox istəyirəm. Ona görə də məhz dövlət və millət baxımından bu məsələyə toxunmaq istəyirəm və bununla bağlı konkret ölçü götürülməlidir. Hamımız rastlaşırıq, bütün deputatlar bu barədə danışır, amma ortada konkret bir məsələ yoxdur. Ziyafət müəllim, Siz hüquqşünassınız, bilirsiniz ki, normativ aktların əsaslarından biri də sanksiyalaşmış adətlərdir. Azərbaycanda yas adətləri sanksiyalaşdırılmalıdır. Bu qanunun predmetindən biri budur. Çünki dini ayinlərin icrasına yasın özü də daxildir. Ona görə də yas yerlərində nizam-intizam yaradılmalıdır. Demək olar ki, camaat təngə gəlibdir. Nə sünilikdə, nə şiəlikdə, nə də müsəlmançılıqda belə bir şey var. Stolların üstünə banandan tutmuş Afrikadan gətirilmiş üzümə qədər düzürlər, yas sahibi qalır kənarda. Çadırın qiyməti şadlıq evlərinin qiymətinə bərabər olub. Bu millət yazıqdır. 10 il işləməlidir ki, aldığı borcu geri qaytarsın. İndiyə qədər Qafqaz Müsəlmanları İdarəsi tərəfindən nə bir fitva verilib, nə də bir qərar qəbul olunubdur ki, qardaş, bunlar Azərbaycanın milli-mənəvi, əxlaqi, dini dəyərlərinə tamamilə ziddir. Bir-birinin bəhsinə süfrəyə 7 cür yemək verilir, Fransadan gətirilmiş müxtəlif sular düzülür. İnsanlar yazıqdırlar. Biri varlıdır, zəngindir, digəri kasıbdır. Bunların hamısını nəzərə almalıyıq və bu məsələ qanunda öz əksini tapmalıdır.
Rəbiyyət xanım da qeyd etdi ki, Azərbaycanda kifayət qədər dini mədrəsələr, universitetlər var. Eyni zamanda, xaricə təhsil almağa gedirlər və sair. Attestasiyadan keçmək şərti ilə bu insanlara şərait yaratmaq lazımdır. Onların dünyagörüşünə, dünyəvi elmləri bilməsinə diqqət verilməlidir. Yas mərasimlərində 500-dən, 1000-dən artıq müxtəlif təbəqələrdən olan insan iştirak edir. Bisavad, 15 il türmədə yatmış, sahə müvəkkili işləyib sonra istefaya getmiş və sair adamlar yas mərasimini idarə edirlər. Onun qarşısında akademiklər, professorlar, dövlət nümayəndələri, millət vəkilləri də otururlar. Onlar isə ağlına gələni danışır, dini tərif edirlər. Camaat da bunlardan narazı qalır. Bizim ali təhsilli gənclərimiz var. Bu gün savadlı kadrlardan istifadə etmək lazımdır və bu işə onları təyin etmək lazımdır. İstər şuranın tərkibində, istərsə də ayrı-ayrı yerlərdə bu cür adamlar olmalıdır və onlar insanların dini etiqadını düzgün istiqamətə yönəltməlidir.
Hidayət müəllim iclasda iştirak edir və yəqin ki, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi də buradadır. O gün televiziyada kolbasa göstərirlər. Deyir ki, Qafqaz Müsəlmanları İdarəsi buna halallıqla bağlı lisenziya verib. Nə vaxtdan bu idarə kolbasa istehsalı ilə məşğul olur? Niyə o, lisenziya verməlidir? Bu, bütün qəzetlərdə gedir. Nə vaxt görmüsünüz ki, Roma papası kolbasaya lisenziya versin? Müsəlman baxır ki, ümumiyyətlə, buna kolbasa yemək qadağan olunduğu halda təminat verilir ki, get, kolbasa, sosiska al, ye! Biz bu cür şeylərdən tamamilə uzaqlaşmalı və müasirlik dövrünə gəlib çatmalıyıq. Bizim dinimiz ən mütərəqqi, ən gənc, hamısından sonra gələn dindir. İslam bütün gözəllikləri ilə digər dinləri özünə cəlb edən dindir. Bu din insanlara düzgün çatdırılmalıdır. Biz bu məsələyə xüsusilə fikir verməliyik.
Digər məsələ nəzir qutuları ilə bağlıdır. Bura yığılan nəzirlər hara, kimə gedir və necə gedir? Vergisi necə olur, hansı tikintiyə cəlb olunur? Bunun bir hesabatı olmalıdır. Qeyri-hökumət təşkilatlarına bir az pul verildi, bütün millət tökülüşdü onların üstünə ki, bunlar hesabat versinlər. Başladılar hesabatları jurnallarda dərc etməyə ki, kimə nə qədər vermişik. Onun da üstündə bir az mübahisə getdi. Vətəndaş ürəyinin arzusu ilə nəzir verir. Bu vəsaitlə müəyyən çadırlar hazırlanmalıdır, kimsəsiz, imkanı olmayanların yas mərasimlərinin həyata keçirilməsində istifadə olunmalıdır. Gürcüstanda yığılan vəsait ildə 15 nəfər uşağın ürək əməliyyatına sərf olunur. Gənclər təhsil almağa göndərilir. Bizdə də bir siyahı dərc etsinlər və ictimaiyyət də bilsin ki, bu pulun taleyi necə oldu. Bu, millətin, xalqın puludur, onun sərf olunma nöqtələri də göstərilməlidir. Bu məsələyə aydınlıq gətirilməlidir. Nə qədər ki belə məsələlərə aydınlıq gətirilməyib, müəyyən problemlər ortaya çıxacaqdır. Azərbaycan iqtisadiyyatında, dövlətin idarə olunmasında, ayrı-ayrı sahələrdə islahatlar gedir. Görürük ki, harada islahat gedirsə, orada böyük inkişaf, tərəqqi var. Dində də ciddi şəkildə islahat aparılmalıdır. Biz gecikmədən bu prosesi həyata keçirməliyik. Atatürk əsrin əvvəlində bu islahatları başladı və çox uğurlu nəticələr əldə etdi, müasirliyin tətbiqinə nail oldu. Biz gecikmişik, ona görə tezliklə islahat aparmalıyıq. Azərbaycan Avropanın bir hissəsidir və özündə Şərq dəyərlərini birləşdirir. Bu baxımdan da biz dinimizə də, millətimizə də hörmətlə yanaşırıq. Bu millətə layiq olan səviyyədə dini təbliğat həyata keçirilməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, ”Dini etiqad azadlığı haqqında” Qanun Azərbaycanda həm siyasi dairələri, həm də dini etiqadla bağlı təşkilatları ciddi şəkildə narahat edirdi. Azərbaycan bütün dönəmlərdə dini dözümlülük baxımından çox ciddi şəkildə örnək ola biləcək dövlət olub. Azərbaycan xalqı bütün dəyərlərə ciddi şəkildə dözümlü yanaşıb. Ona görə də bu məsələ həm də beynəlxalq təşkilatlar, Azərbaycanın üzv olduğu qurumlar tərəfindən də ciddi şəkildə gözlənilirdi. Amma təəssüf olsun ki, “Dini etiqad azadlığı haqqında” Qanunun fəlsəfəsində bütövlükdə azadlıq ruhu hiss olunmur. Çərçivələr nəticəsində qeyri-sabit qruplara şərait yaradılması və onların qanundankənar fəaliyyət göstərməsi üçün bir məkan müəyyənləşdirilməsi və yaxud da qanunun özündən çıxan ayrı-ayrı müddəalarla bağlı onlara şərait yaradılması daha çox hiss olunur.
Mən maddələrlə bağlı fikrimi konkret deyəcəyəm. Həm də sonda bunların hamısının necə əvəzlənməsi ilə bağlı fikrimi də ifadə edəcəyəm. 1-ci maddəyə təklif olunan variantda “valideynlər və ya onları əvəz edən şəxslər qarşılıqlı razılıq əsasında uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər” fikri, hesab edirəm, mahiyyət etibarilə çox ziddiyyətlidir. Valideynlərin uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə görə tərbiyəsi mahiyyət etibarilə cəmiyyətin, hətta ailənin özündə ciddi şəkildə fikir ayrılıqlarına səbəb ola bilər və müəyyən yaş dövründən sonra ziddiyyətlər qarşılıqlı etimadsızlıq və ailənin dağılmasına gətirib çıxarar.
Uşaqları kiçik yaşlarından hər hansı bir dini mərasimi, ayini yerinə yetirməyə məcbur etmək, “mən uşağımı bu cür tərbiyə edirəm” deyə uşağın üzərinə bir basqı qurmaq, uşaqların dini cəhətdən tərbiyəsində valideynlərin üzərinə bir məsuliyyət qoymaq və ya qanunla razılıq vermək, hesab edirəm, doğru deyil. Heç bir valideyn uşağını, tutaq ki, 5 yaşından başlayaraq, – hətta müsəlman olmasından asılı olmayaraq, – hər hansı bir dini mərasimi yerinə yetirməyə məcbur və ya tərbiyə edə bilməz. Burada, düzdür, məcbur etmə ilə bağlı müəyyən qadağalar var. Amma bu, körpə uşağın hər hansı bir şəkildə dövlət orqanlarına, rəsmi strukturlara müraciət etməsinin qarşısını alacaq. Ona görə də hesab edirəm, yetkinlik yaşına çatana qədər uşaqların bu işə qarışdırılması qadağan olunmalıdır.
Sizin, yəqin ki, az-çox məlumatınız var. Bu gün Bakının mərkəzində islam dini adı altında islamın bütün dəyərlərini təhrif edən qruplar var ki, onlar şənbə-bazar günü bir evə yığışırlar. 3–5 adam da hərəsi yanında bir arvad gətirir. Deyir ki, mən filankəsi seçirəm, axşam arvadın yanına qoşulur və ailəsinə gedir. Bu gün Azərbaycanda bu şəkildə fəaliyyət göstərən qruplar var. Sabah onlar ailədən çıxan uşaqları həmin formada tərbiyə edəcəklər. Mən hesab edirəm, bunun üzərində nəzarət, sadəcə olaraq, dini təhrif edən hər hansı bir cərəyanın, qrupun üzərinə buraxılmamalıdır. Bunların üzərinə buraxılacaqsa, sabah Azərbaycanda çox ciddi fəsadlar olacaq.
Hər kəs, məncə, o adam haqqında eşidib. Səhv etmirəmsə, əmircanlıdır, bizim dönəmimizdə həbsdə yatırdı. Özünə peyğəmbər adını götürüb və bu gün Bakının müxtəlif yerlərində kifayət qədər insanı sıralarına cəlb edib. Mən birinin adını deyirəm, bu tip adamlar kifayət qədərdir və ciddi şəkildə fəaliyyət göstərirlər. Ona görə də hesab edirəm ki, bu məsələ ilə bağlı ciddi şəkildə düşünmək lazımdır. Uşaqların gələcəyi təkcə valideynin deyil, cəmiyyətin də məsuliyyətidir. Valideyn yanlış yolda ola bilər və uşağını da cəmiyyətə bu şəkildə təqdim edə bilər.
Təklif olunan variantlardan birində qeyd olunub ki, bir vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə əvəz edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yol verilir. Din vicdan azadlığı məsələsidir. Din insanların sərbəst seçimidir. Azərbaycan dünyəvi dövlət olduğuna görə heç kim dini idarəetməyə, hakimiyyətə münasibətə, vəzifəyə və o vəzifədən irəli gələn şərtlərə uyğun dəyişdirilə bilməz. Getsin, ibadətini etsin. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş halda dini əqidəyə görə vəzifə necə dəyişdirilə bilər? Adamın vəzifəsi dəyişdirilə bilər. Xoşun gəlmir, işləmə. Amma sən bu dini əqidənin daşıyıcısısansa və ət yemirsənsə, əsgərlikdə sənə xüsusi yemək hazırlayacaqlar? Azərbaycan dövlətinin qanunları bütün vətəndaşlar üçün bərabər şəkildə tətbiq olunmalıdır. Bu necə dəyişdirilə bilər? Bu, əslində, hüquq deyil, hüquqsuzluqdur. Vicdan azadlığı məsələsini kəskin, birmənalı şəkildə qoymaq lazımdır. Hər kəs hər hansı bir dini cərəyana bütövlükdə mahiyyətinə uyğun olaraq necə istəyirsə, elə də qulluq edə bilər. Amma bunu dövlət idarəetməsinə, dövlətin içinə daşıya bilməz. Ona görə hesab edirəm, bu çox yanlış yanaşmadır və fikir doğru ifadə olunmayıb.
Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı göstərmirlər. Bəli, dini qurumlar siyasi partiyalarda fəaliyyət göstərə bilməzlər. Amma dini qurumlar heç seçkilərdə də mövqe ifadə edə və siyasi mövqe də ifadə edə bilməzlər. Bu da birmənalı şəkildə göstərilməlidir. Bu, Azərbaycan praktikasında kifayət qədər öz əksini tapmış haldır. Hesab edirəm ki, din xadimləri də bu və ya digər şəkildə bu prosesdə iştirak etməməlidirlər.
Təklif olunan variantların birində göstərilir ki, dini qurumlar öz nizamnamələrinə müvafiq olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün tədris müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər. Azərbaycanda təlim-tərbiyə prosesini dini qurumlar həyata keçirə bilməzlər. Azərbaycan dünyəvi dövlətdir və dini qurumların heç biri tədris müəssisəsi aça bilməz. Bu gün açılan tədris müəssisələrinin böyük əksəriyyəti Azərbaycan dövlətçiliyinin əleyhinə işləyir, Azərbaycanın milli mənafelərinə ziyan vurur.
Burada hörmətli Siyavuş müəllim yas mərasimlərindən danışdı. Mən çox istərdim ki, bu gün yas mərasimlərində dediyiniz istefa vermiş, savadsız “uçastkovı” mollalıq etsin. Çünki başqa dövlətlərin ərazilərində dini təhsil alanlar o ölkələrin mənafelərini, sifarişini yerinə yetirmək istiqamətində yönləndirilirlər. Bu gün Azərbaycanda dini təhsil bərbad vəziyyətdədir. Azərbaycandakı dini məktəblərin içərisinə İranın, Səudiyyə Ərəbistanının, Türkiyənin xüsusi dini qruplarının kifayət qədər yerimiş strukturları var. Bu gün hər qrupun arxasında xarici dövlətin dayanması barədə məlumatlar var. Bu gün şiə adı ilə ortalığa girmiş qrupun arxasından Qum məktəbi çıxır, bir başqasının arxasından vahabi məktəbi çıxır, digərinin arxasından nurçuluq məktəbi çıxır. Yas yerlərin bunlarımı çıxaracaq? Yeri gəlmişkən, yas mərasiminin müəyyən qaydada tənzimlənməsi ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Qardaş, kim istəyir, banan versin, kim istəyir, kakos versin, kim istəyir, ananas versin. Bunu nə ilə qanunlaşdıracaqsan? Adam atasına ehsan verir. İstəyir ki, adamlar bundan yesinlər və “Allah atana rəhmət etsin” desinlər. Boş, mənasız şeylərdir bunlar. Dini tədris müəssisələrinin icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq əsasında fəaliyyət göstərməsi də, hesab edirəm, qanunla qadağan olunmalıdır. Heç bir dini qurum tədris müəssisəsi aça bilməz və onunla Azərbaycanda dini fəaliyyəti tənzimləmək mümkün deyil.
Kütləvi informasiya vasitələri, digər dini qurumlar, tədris müəssisələri təsis etmək hüquqları verilir. “Kütləvi informasiya vasitələri haqqında” Qanunda Azərbaycan vətəndaşlarının hamısına səlahiyyət verilir. Sabah fərqli şəkildə televiziya da açacaqlar. Düşünürsünüz ki, Azərbaycanda proses hər zaman bu şəkildə davam edəcək? Sabah televiziyalar da açılacaq. Onda dini qurumla bağlı hər hansı bir cərəyan televiziyalar açsın? Mən hesab edirəm, bu da kökündən yanlış bir şeydir.
Son toxunacağım məsələ dini qurumların ibadətlər və dini yığıncaqlar üçün münasib yerlərə, habelə bu və ya digər müqəddəs sayılan ziyarətgahlara himayədarlığı ilə bağlıdır. Heç bir dini qurum hər hansı bir yerə himayədarlıq edə bilməz. Nədir, qeyri-qanuni yerlər müəyyən olunur ki, sahə müvəkkili kimi buradan haqq alsınlar? Bu gün hərə bir yerdə ziyarətgah tikir, problemi olan, çətinliyə düşən adam da ora pul atır. O da həmin pula istədiyi qrupu maliyyələşdirir, istədiyi hərəkətləri edir. Buna görə də hesab edirəm, bu tipli məsələlərə də son qoyulmalıdır. Din vicdan, azadlıq məsələsidir. Hər kəsə dini seçimdə istənilən şərait yaradılmalıdır. Amma ona heç bir halda idarəetmədə tədris müəssisələri, kütləvi informasiya vasitələri açmaq kimi məsələlərdə ona xüsusi səlahiyyət verilməməlidir. Bu, mahiyyət etibarilə Azərbaycan dövlətinə ciddi problemlər yaradacaq. Yenə deyirəm, bu gün bizdə dini sektaların böyük əksəriyyəti xarici qüvvələr tərəfindən himayə olunur. Elə biri qonşu İran. Bu gün Azərbaycanda fəaliyyət göstərən böyük bir dini məktəb Qum şəhərinin adı ilə bağlıdır. Çox sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlar! Mən hesab edirəm ki, biz ötən dövr ərzində beynəlxalq məkanda, elə Azərbaycanın özündə dini dözümlülük şəraitinin ən yüksək səviyyədə olduğunu deyərkən bundan heç kim o nəticəni çıxarmalı deyil ki, bizim dözümümüzün həddi-hüdudu yoxdur, bu, sonsuza qədərdir və Azərbaycanın dini sektorunda kim nə istəsə, onu edə bilər. Mən düşünürəm ki, məndən öncə çıxış edən hörmətli həmkarım Siyavuş Novruzovun milli narahatçılıqdan gələn fikirləri yerindədir. Onların bir çoxunu bölüşürəm və düşünürəm ki, əslində, bunlar qanunvericilikdə müəyyən formada nəzərə alınmalıdır. Məsələ ondadır ki, bəli, biz tolerant olaq, dözümlü olaq, amma gəlin, görək nəyə etiraz edirik? Ötən dövr ərzində biz onun şahidi olduq ki, dini pərdə altında xeyli missionerlik fəaliyyəti var və insanlara mədə niyyəti ilə yanaşıb sonra beynini satın alırlar, həmin şəxslər üzərində öz planlarını, proqramlarını qururlar. Ona görə biz konkret olaraq müəyyənləşdirməliyik ki, dini qurumlar humanitar yardımlarla, bu cür sədəqələr paylamaqla və sair kimi işlərlə məşğul ola bilərlərmi? Biz 1990-cı illərin o ağır şəraitlərindən çıxmışıq və mənə elə gəlir ki, bu, birmənalı şəkildə yasaq olmalıdır. Çünki verilən hər bir yardımın arxasında xüsusi maraqlar, məqsədlər var. Burada deyildi, ümumi vəsaitləri hara isə yönəltmək tamam ayrı bir şeydir, bu, humanitar yardım deyil.
İkincisi, biz əsas kitablara malik olan, müqəddəs kitabları daşıyan dinləri əsas, fundamental dinlər sayırıq. Amma görün, Azərbaycanın daxilində ən müxtəlif dinlərin nə qədər qolları, cərəyanları, sektaları və sair məşğul olmaqdadır. Ona görə biz müəyyənləşdirməliyik ki, bunların konkret dini statusu nədən ibarətdir. Yəni o fundamental dinlərdən kənarda fəaliyyət göstərənlərin böyük bir hissəsinin məqsədi din deyil. Bu da artıq ötən dövr ərzində dəfələrlə sübut olunubdur.
Başqa bir məsələ missionerlik fəaliyyəti ilə bağlıdır. Əlbəttə, biz başa düşürük ki, bu, müəyyən bir dini təbliğat üçün müəyyənləşdirilmiş səlahiyyətlərdir. Amma 1997-ci ildə ulu öndərin imzası ilə bu sferanı tənzimləyən bir sənəd qəbul olunubdur. Orada xarici vətəndaşlara missionerlik fəaliyyəti ilə məşğul olmaq qadağan edilir. Amma bizə bəllidir ki, onlar bu sahədə yetərincə fəaliyyət aparmaqdadırlar. Burada hərbi və təhsil sferaları qeyd olundu. Dövlətin Konstitusiyasının fundamental prinsipinə görə din dövlətdən ayrıdır. Bu o deməkdir ki, onun əsas təsisatlarının fəaliyyətindən də ayrıdır. İndi biz islam etiqadlı bir ölkəyik deyə əsgəri xidmətdə, – hələ alternativ xidmət haqqında qanunvericilik olmadan, – kimlərəsə yer ayırmışıq. Başqa etiqadlı insanların da eyni haqqı olacaqdır ki, həmin tələblərlə çıxış etsinlər.
Təhsildə də həmçinin. Mən xatırlayıram, Təhsil haqqında qanunun müzakirəsi zamanı hörmətli Şəmsəddin müəllim tərəfindən əsas fundamental məsələlər təqdim olunmuşdu. Biz o məsələləri bir kənara qoyub, hamımız başladıq hicabdan danışmağa. Halbuki bu, təhsilin problemi deyildi. O dövrdə də demişdim, indi də təkrar edirəm, insanın iç düşüncələrini, beynini, təfəkkürünü dəyiş, o öz-özünə onu çıxaracaq. Yəni bu, ən vacib məsələ deyil. Burada qeyd olundu ki, təhsil xarakterli ayrı-ayrı müəssisələr dini əsaslarla yaradılır. Yaxud da orada dinin tədrisi eyni, mərkəzləşmiş baza prinsiplərini öyrətməyə xidmət etmir. Mən onların bir neçəsi ilə tanışam. Ayrı-ayrı liseylərdə bu işi aparırlar. Hər kəs öz profilindən, öz dövlətinin mənafeyindən çıxış edir. Biz də bilirik ki, ayrı-ayrı dövlətlərin xarici siyasətinin əsas silahlarından biri də dindir. Nə yazıqlar ki, bu belədir. Amma bu prosesi xüsusi olaraq məktəblərdə həyata keçirirlər. Hesab edirlər ki, gələcək idarəçilərə bu vasitə ilə təsir edə bilərlər.
Ötən dövrdə müəyyən dini rituallar, məsələn, məscidlərimizdə, minarələrdə səsgücləndiricilərdən istifadə olunması müəyyən mübahisələrə səbəb olmuşdu. Sonra bu, müəyyən bir formada tənzimləndi, amma bu gün kilsələrdə kilsə zəngi qalmaqda davam edir. Mən hesab edirəm ki, bu da dini etiqadın həyata keçirilməsinin mühüm bir predmetidir. Əgər biz minarədəki səsgücləndiricilərə, onun tembrinə müəyyən bir limit qoyuruqsa, bu, kilsələrə də aid olmalıdır. Ümumiyyətlə, bu sahədə də tənzimlənmə olmalıdır ki, ayrı-seçkiliklər təzahür etməsin.
Əmək qanunvericiliyi və dini baxışlarla bağlı məsələlərə toxunmaq istəyirəm. Bəli, inkar etmək olmaz, ayrı-ayrı insanlar hesab edirlər ki, həftənin 5-ci günü islam ölkəsində müqəddəs günlərdən biri kimi qeyd olunmalı və onlara əmək fəaliyyətindən yayınıb ibadət etməyə imkan verilməlidir. Eyni iddiaları digərləri də qaldıra bilərlər. Ona görə mən hesab edirəm ki, biz əmək qanunvericiliyi sistemi ilə dini baxışların, dini inancların uzlaşdırılmasını ciddi şəkildə aparmalıyıq. Bu məhz, bu qanunvericiliyin predmetidir.
Cənab Sədr, hörmətli Rəbiyyət xanıma təşəkkür edirik ki, bizə məscidlərin sayı və digər məsələlərlə əlaqədar dəqiq statistika təqdim etdi. Gerçək olaraq bizdə həmişə məscidlərlə, yəni bir Allah evi ilə təhsil evinin, – o da Allah evidir, – müqayisəsini aparıblar. Çox vaxt da insanların ürəyindən keçib ki, kimsə məscid tikirsə, yaxşı edir, düz edir, çox xoşməramlı, ilahi bir işlə məşğul olur. Mən bilmirəm, dünyada əhalinin hər 100 min nəfərinə, ya da 50 min nəfərinə düşən məscidlərin və digər dini ocaqların sayı barədə bir statistika varmı? Bunların da həddindən artıq çoxluğunu biz inkar edə bilmərik. Sovet dönəmindəki ateist mühitdən çıxandan sonra hamı birdən-birə Allaha sitayiş etməyə və özünün Allah qarşısında xidmətini bu cür vasitə ilə həyata keçirməyə başlayıb. Mənə elə gəlir ki, bu son hadisədə də belədir. Peyğəmbər Əleyhissəlamın adı ilə bağlı bir məscid tikib. Sonra bəlli olub ki, bunu tamamilə qeyri-qanuni həyata keçirib. Bəlkə də başqa özəl məqsədləri var. Amma iş başa çatandan sonra qanunvericiliyə uyğun müəyyən addımlar atılanda dərhal bunu dini etiqada basqı, kiminsə bu sahədə təqiblərə məruz qalması və sair kimi qələmə verməyə başladılar.
Mən düşünürəm ki, bir məsələni də mütləq vurğulamaq yerinə düşərdi. Müxtəlif telekanallarda nümayiş olunur ki, evlərdə müxtəlif dini rituallar həyata keçirilir. Burada körpə uşaqlar da, orta nəslin nümayəndələri də var. Biz birdəfəlik aydınlaşdırmalıyıq ki, bu mənzillər dini rituallar üçün müəyyənləşdirilə bilərmi? Heç şübhəsiz ki, insanların ora müəyyən axını olur. Biz deyirik ki, filan mərtəbəyə qədər ofis fəaliyyəti ilə məşğul olmaq qadağandır. Amma başqa şəxslər bu cür dini fəaliyyət aparmaq imkanlarını əldə edirlərsə, bu, heç şübhəsiz ki, həmin mənzili və binanı normal yaşayış mühitindən kənara çıxarır.
Nəhayət, sonuncu məsələ. Din xadimi kimdir? Mən bilmirəm, doğrusu, bunun anlayışı qanunvericilikdə verilməyib. Din xadimi konkret olaraq yüksək ali təhsil görmüş və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tanınmış şəxslərəmi deyilir? Burada deyildiyi kimi, bəziləri ömrünün sonlarında dinə-imana qayıdırlar və hörmətli Siyavuş Novruzovun təbiri ilə desək, əməli-saleh olmayanlar müqəddəs kitabları mənimsəyərək müxtəlif tədbirlərdə mollalıq edirlər. Bu şəxs din xadimidirmi? Mən hesab edirəm ki, bu məsələ də qanunvericiliyin problemidir. Bu məsələlər sənədlərdə tənzimlənəcəyi təqdirdə, hesab edirəm ki, Azərbaycan gələcəkdə də dini dözümlülüyünə görə beynəlxalq aləmdə seçiləcək. Mən bu dəyişiklikləri, düzəlişləri məqbul hesab edirəm, amma düşünürəm ki, bəzi məsələlərə yenidən baxmaq işin xeyrinə olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Biz “Dini etiqad azadlığı haqqında” Qanun qəbul edərək müstəqil dövlətimizdə dini məsələlərin tənzimlənməsi ilə bağlı qarşımızda duran vəzifələri həll etmişik. Biz bu gün konkret olaraq bu qanuna edilən düzəlişlər barədə danışdıq. Ona görə də mən burada o qədər də geniş danışmağa lüzum görmürəm. Çünki bunlar bəlli məsələlərdir və “Dini etiqad azadlığı haqqında” Qanunun digər maddələrində öz əksini tapıbdır. Sadəcə, bu düzəlişləri zəruri edən səbəblər üzərində dayanmaq olar. Bu barədə də hörmətli Rəbiyyət xanım ətraflı məlumat verdi. Ətrafımızda baş verən hadisələr, dünyada gedən proseslər istər-istəməz qanunlarımıza zəruri dəyişikliklər edilməsini ortaya çıxarır. Yaddan çıxarmayaq ki, dövlət olaraq da, Qafqaz bölgəsi olaraq da, necə deyərlər, bir yeldöyəndə yerləşirik. Necə ki qədim dövrlərdə bütün fatehlərin yolu buradan gəlib keçirdi, indi də bütün dinlərin, dini cərəyanların istiqamətləri bu ərazilərə yönəlməkdədir və müxtəlif dini cərəyanları yayaraq onun altında bu və ya digər məqsədlərə nail olmaq cəhdləri nümayiş etdirilməkdədir. Ona görə də “Dini etiqad azadlığı haqqında” Qanunu daha da sərtləşdirməliyik. Düşünürəm ki, gələcəkdə yenidən bu qanuna qayıdaraq bu müddəalara təkrar baxmalı olacağıq.
Din və cəmiyyət, din və dövlət məsələsi yeni məsələ deyil. Dinin, cəmiyyətin yarandığı vaxtdan bu problem, bu məsələ daim müzakirə obyekti olmuşdur. Sovet dövründə “din bəşəriyyət üçün tiryəkdir” tezisi ortalığa atılmışdı. Doğrudan da, əgər dindən sui-istifadə, bu və ya digər məqsədlərə çatmaq üçün istifadə olunursa, onda tiryəkə çevrilir. Bu gün dini ekstremist təşkilatlar dindən hətta terror üçün, insanları təzyiq altında saxlamaq üçün istifadə edirlər. Amma səmavi dinlər, əslində, insanlara ülvi hisslər aşılayır. Səmavi dinlərin irəli sürdüyü prinsiplər, əslində, tərbiyəvi xarakterlər daşıyır. Çox təəssüf ki, həmin dinlərə sonradan bu və ya digər düzəlişlər edərək onları öz məqsədlərinə yönəltmək istəyənlər olmuşdur. Mən hesab edirəm ki, Rəbiyyət xanım əsaslı və tutarlı şəkildə bunları izah etdi.
Məndən əvvəl çıxış edən həmkarlarım dini tədrislə bağlı məsələyə toxundular, mən də buna münasibət bildirmək istəyirəm. Əlbəttə, burada nəzarət olmalıdır. Amma dini tədris edəcək, dinlə bağlı tədris müəssisəsi yaradacaq qurum, əlbəttə, dini təşkilat ola bilər. Amma bu bizim Təhsil Nazirliyinin nəzarəti altında olmalıdır. Ziyarət yerlərinin və sairin süni surətdə artırılmasına gəldikdə isə deyim ki, yalnız və yalnız insanlar arasında geniş izahat aparmaqla bunun qarşısını ala bilərik. Qadağalar vasitəsilə ziyarət yerlərinin artmasının qarşısını almaq mümkün deyil, çünki bu, inamlardan doğan məsələdir. Qanun da bunu tənzimləyir. Hesab edirəm ki, Dini İşlər üzrə Komitə də son dövrlərdə bununla bağlı səmərəli fəaliyyət göstərir.
Mən dəyişiklikləri müdafiə etməyimi bir daha bildirərək bir məsələyə toxunmaq istərdim. Bu, “Dini mənsubiyyətdən asılı olmayaraq şəxslərin hüquqi bərabərliyi” adlanan 4-cü maddə ilə bağlıdır. Burada “şəxsin dini mənsubiyyətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız onun arzusu ilə yol verilir” ifadəsi işlədilmişdi. Bizdə ən mühüm rəsmi sənədlər sırasında şəxsiyyət vəsiqəsi, pasport və digər sənədlər vardır. Amma biz bunu necə həll edəcəyik? Çünki həmin sənədlərdə məxsusi qrafa yoxdur və həmin sənədlərlə bağlı qəbul etdiyimiz qanunlar da, bildiyimə görə, bunu tənzimləmir. Düşünürəm ki, ümumiyyətlə, bunu yazmaq lazım deyildi. Azərbaycanda şəxsiyyətin, şəxsin dini mənsubiyyətinin məxsusi olaraq göstərilməsinə ehtiyac yoxdur. Əgər biz tolerantıqsa, dünyəvi dövlətiksə, vicdan azadlığını, dini azadlığı tam təminat altında saxlamışıqsa, bəzi ölkələrdə olduğu kimi, vətəndaşların dini mənsubiyyətini məxsusi olaraq qeyd eləmək, hesab edirəm ki, gələcəkdə müəyyən çətinliklər, problemlər, Azərbaycanda dini qarşıdurma üçün müəyyən baza yarada bilər. Mən qanunu təqdim edənlərdən xahiş edərdim, bu məsələyə bir də qayıtsınlar, məqbul hesab edirlərsə, bu müddəanın başqa şəkildə ifadə edilməsi və ya çıxarılması üzərində düşünsünlər. Mən komissiyanın təqdim etdiyi qanunu müdafiə edirəm və onu hazırlayanlara minnətdaram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, hörmətli Sədr. Bundan əvvəlki məsələ barədə Arif müəllim məlumat verdi. Mən bununla bağlı bir-iki cümlə demək istəyirəm. Arif müəllimlə, həqiqətən, görüşmüşəm, amma orada Abdulyan məsələsi qətiyyən müzakirə olunmayıb. Arif müəllim, ola bilsin, nəyisə qarışdırıb. Orada Sabirabad rayonunun Əsədli kəndinin bələdiyyələrinin birləşdirilməsi haqqında söhbət olub.
Hörmətli deputatlar, biz çox ciddi bir məsələni müzakirə edirik. Mən çox istəyirəm, bu məsələyə diqqətlə yanaşasınız, çünki bu bir xətdir, bir istiqamətdir. Mənim fikrimcə, bunun zərərli nəticələrini cəmiyyət çəkəcək. Biz növbəti dəfə insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı addım atırıq. Bunun milli maraqlar, dövlət maraqları, ictimai maraqlar naminə edildiyi barədə dəlillər irəli sürülür. Amma mənim fikrimcə, din və vicdan azadlığı kimi çox həssas bir məsələdə bu konsepsiyanı aparanlar, bunun ideologiyasını işləyib hazırlayanlar və praktikada həyata keçirənlər, bir daha təkrar edirəm, tamamilə əks nəticələrlə üzləşəcəklər.
Hörmətli deputatların çıxışları məni bir qədər təəccübləndirdi. Məndə belə bir təsəvvür yarandı ki, ümumiyyətlə, “Dini etiqad azadlığı haqqında” qüvvədə olan qanuna baxılmayıb. Çünki təqdim olunan əlavə və dəyişikliklər buradakı bir sıra hüquqların məhdudlaşdırılması istiqamətindədir. Mən konkret olaraq 6-cı maddənin dördüncü hissəsinə edilmiş əlavəni diqqətinizə çatdırıram: “Dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün tədris müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər.” Bu, faktiki olaraq dini təhsil üçün tədris müəssisələri yaratmaq, təlim-tərbiyə prosesini həyata keçirməmək haqqında olan müddəadır. Mövcud variantın 6-cı maddəsini sizin diqqətinizə çatdırıram: “Azərbaycan Respublikasında dövlət təhsil sistemi dindən ayrıdır”. İndi qüvvədə olan bəndi də sizin diqqətinizə çatdırıram: “Dini qurumlar öz nizamnamələrinə müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədric müəssisələri və qrupları yaratmaq, habelə başqa formalarda təlim keçmək, bundan ötrü onlara məxsus olan və onların istifadəsinə verilən əmlakdan istifadə etmək ixtiyarına malikdirlər”. Qüvvədə olan müddəa bundan ibarətdir və konkret şəkildə təlim-tərbiyə proseslərinə, o cümlədən tədris məsələlərinə çox ciddi təminatlar yaradır. Bu edilən dəyişiklik isə faktiki olaraq bu hüququ sıradan çıxarır. Mənim fikrimcə, hətta məhdudlaşdırmır, qadağan edir.
İkinci, 12-ci maddəyə edilən dəyişikliklərə diqqətinizi cəlb etmək istəyirəm. Burada yazılır ki, bütün dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatda göstərilən hüquqi ünvanda fəaliyyət göstərə bilərlər. Bu, ümumiyyətlə, fantastik dərəcədə bir məhdudiyyətdir. Çünki bizim hörmətli deputatların bəziləri deputatlıq dövründən əvvəl biznes fəaliyyəti ilə məşğul olublar və bilirlər ki, adətən, bu və ya digər firmanı hətta bir ünvanda qeydə alırlar. Hətta bir çox siyasi partiyalar, qeyri-hökumət təşkilatları mənzillərdə qeydə alınıblar. Amma onların fəaliyyətlərinin həmin mənzillərdə davam etdirilməsi tələbini etmək, ümumiyyətlə, absurddur. Təkrar edirəm, qeydə alınmış hüquqi ünvanla fəaliyyətin məhdudlaşdırılması dini icmaların fəaliyyətinə yekə bir qadağa möhürünün vurulması deməkdir.
Bu maddənin ikinci abzasına təklif olunan dəyişikliyin, ümumiyyətlə, mənası nədən ibarətdir? Diqqət eləyin, dini qurumun qeydə alınması üçün təqdim edilən ərizəyə “həmçinin vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti” (bunlar aydındır), arxasına fikir verin, “dini təlimin əsasları, o cümlədən həmin dini icmanın yaranma tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icma üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar” və sair sənədlər də əlavə olunmalıdır. Əlbəttə, burada çıxış edib deyəcəklər ki, bunlar qeyri-ənənəvi, Azərbaycanda qanunsuz fəaliyyət göstərən sektaların fəaliyyətinin qarşısını almaq üçün nəzərdə tutulub. Amma onların mütləq əksəriyyəti dövlət qeydiyyatına alınmadan qeyri-leqal formada fəaliyyət göstərirlər. Onların çox böyük maddi və maliyyə imkanları vardır. Bu imkanlardan və xaricdəki təşkilati dəstəkdən istifadə edərək onlar öz fəaliyyətlərini bundan sonra da davam etdirəcəklər, amma burada maraqları pozulan və bu məhdudiyyətdən zərər çəkənlər isə həqiqi dindarlar, inanclı insanlar olacaq. Biz bunları hətta islam dininə aid olan bir çox vətəndaşlarımızın, məsələn, Hacı İlqarın başına gətirilən işlərdən bilirik. Cümə məscidi guya ki, təmirə dayandırıldı və indiyə qədər də dayandırılıb. Bir sıra məscidlərin də təmirə dayandırılması prosesi gedir və bu, narahatlıq və həyəcan doğurmaya bilməz.
Burada bir məsələni də hörmətli Nəsib bəy mənim diqqətimə çatdırdı. Mən də, yeri gəlmişkən, onu sizin diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, dini ədəbiyyatın gətirilməsinə xüsusi razılıq lazımdır, yəni xüsusi qurumların razılığı, rəyi olmadan onu gətirmək olmaz. “Dini ədəbiyyat” ifadəsinin özü,– burada mütəxəssislər deyəcəklər,– çox yayğın bir ifadədir. Dinin tarixinə, fəlsəfəsinə aid əsərlər var. Konkret olaraq din ehkamlarına aid ədəbiyyat var. Bunların hər birinə icazə istəmək, rəy almaq, bir daha təkrar edirəm, olduqca absurd bir məsələdir. Xüsusən bu cür normaları yazan insanlar, mənə elə gəlir, 1960–1980-ci illərdən qalmış insanlardır. İnformatika internet əsrində, insanların bir-biriilə internet vasitəsilə üzbəüz ünsiyyətlərinin mümkün olduğu, istənilən ədəbiyyatın, hətta bizim milli kitabxanadan da qat-qat böyük ədəbiyyatın internetdə yerləşdirildiyi bir şəraitdə ibtidai icma dövründən qalmış bu cür qadağaları qanunvericiliyə gətirmək ancaq təəccübə səbəb ola bilər. Burada, əlbəttə, müəyyən texniki detallar var, amma bu dəyişikliklərin konsepsiyası yanlışdır. Bu konsepsiya mövcud olan problemləri məhdudiyyətlər yönündə həll etmək cəhdidir.
Hörmətli deputatlar, dinin tarixi göstərir ki, bir qayda olaraq dinə qoyulan məhdudiyyətlər nəzərdə tutulmuş məqsədə xidmət eləmir, əksinə, bir daha təkrar edirəm, qeyri-leqal formaların, qeyri-qanuni ibadətin yaranmasına səbəb olur. İnsanlarda sağlam olmayan hiss və duyğuların inkişafına, psixikada deformasiyalara səbəb olur. Ona görə bu qadağa yüklərin əvəzinə, əksinə, dini fəaliyyəti tam şəffaflaşdırmağa, liberallaşdırmağa, xüsusən dini maarifçilik məsələlərində dövlətin rolunu çəkinmədən tətbiq eləməyə başlamaq lazımdır. Bir sıra ölkələrin təcrübəsi buna sübutdur. Ən inkişaf eləmiş ölkə hesab olunan Amerika Birləşmiş Ştatlarında prezidentin andiçmə mərasimini xatırlayın. Vəzifəyə keçəndə onun yanındakı keşiş dua edirdi, Prezident uşaqları dua edirdi. Vatikanda və ya Rusiyada keçirilən pasxa və xristian bayramlarına baxın. İnsanlar öz uşaqlarının əllərindən yapışıb kilsələrə gedir, ibadət edirlər. Burada mənin böyük təəccübümə rəğmən, hətta uşaqlara dini təlim verməklə bağlı valideynlərin hüquqlarının aradan qaldırılması çağırışları səsləndi. Halbuki İnsan Hüquqları Bəyannaməsində, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Paktda, Uşaq Hüquqları haqqında Konvensiyanın müvafiq maddələrində və bizdə qüvvədə olan qanunlarda valideynin öz uşaqlarını, hətta qəyyumluğunda olan şəxsi öz dini etiqadına və inamına görə tərbiyə etmək hüququ təsdiq olunmuşdur. Bu, Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsidir. Ona görə bir daha təkrar edirəm, kommunist rejimi dövründə, sovet dövründə, hətta ateist cəmiyyətlərdə qadağan olmayan, qanunvericilikdə formal da olsa, mövcud olan qadağaların burada səsləndirilməsi, mənim fikrimcə, çox ciddi yanlışlıqlardan xəbər verir. Bu yanlışlıqların haradan qaynaqlanması və onun ideoloqunun kim olması da Azərbaycanda məlumdur. Mən bunun adını çəkmək istəyirəm və hesab edirəm, Prezident Administrasiyasında bu sahədə aparılan siyasət yönləndirilir və tamamilə yanlışdır. Bu cür düzəlişlər, qadağalar və məhdudiyyətlər Prezident Administrasiyası rəhbərinin məqalələrindəki tezislərin nəticəsidir. Modernizasiya altında Azərbaycanı yenidən ateist cəmiyyət qurma istiqamətində yönləndirmək istəyirlər. Bir millətin ki imanı yoxdur, bir millətin ki inancına qəsdlər edilir, bir millət ki özünün ənənəsinə, ibadətinə, müqəddəs yerlərinə sahib çıxmır, onun torpağını da işğal edərlər, onun başını da əzərlər və başına başqa müsibətlər də gətirərlər. Ona görə mən dinin, inancın, mənəviyyatın, əxlaqın, qətiyyətin qorunması istiqamətində düşünməyə, bu istiqamətdə işlər görməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Həqiqətən də, din məsələsi həssas mövzudur. Məncə, çıxışlardakı emosiya və həyəcanları da başa düşmək olar. Dövlətin din siyasətində olduqca düşünülmüş və dəqiq cilalanmış əsaslar özünü göstərməlidir. Azərbaycan, xatırlayırsınızsa, bizim Konstitusiyada nəzərdə tutulmur ki, islam dövlətidir. Digər tərəfdən də Bakı islam mədəniyyətinin mərkəzi elan edilib və burada tədbirlər keçirilir, özümüzün islam kimliyimizi dünyaya tanıtmağa çalışırıq. Bir tərəfdən Azərbaycan Respublikasının Prezidenti üçün nəzərdə tutulur ki, Konstitusiyaya, Qurani-Kərimə əl basmaqla öz vəzifəsinin icrasına başlasın, digər tərəfdən bu prosedurun qanuni əsaslarını yaratmağa bir az çəkinirik, hətta bu barədə düşünmək belə istəmirik. Mən hesab edirəm ki, bundan çəkinməyə ehtiyac yoxdur.
Dövlət nə vaxta qədər ki dinin qarşısında sipər kimi durmağa çalışır, o zaman bu etiqadın daha çox yer altına keçməsinə, daha çox zərərli tendensiyalara bulaşmasına səbəb olur. Dövlət nə zaman dinə sahib çıxmağa başlayır, onda din dövlətin inkişafı üçün faydalı elementə çevrilir. Burada bir sıra çıxışlar oldu. Hamı da fırıldaqçı molladan, ziyarətgahlarda nəzir yığmaqdan misal gətirdi. Bunlar, əslində, dində yoxdur. Dələduz, fırıldaqçı, kriminal hər yerdə var. İslamda ziyarətgah, nəzir yığmaq yoxdur. Bütün xarici ölkələrdə ziyarətgahlar Mədəniyyət Nazirliyinin tabeliyindədir. Müqəddəs yer Kəbədir. Kəbədən başqa qalan müqəddəs yerləri insanlar müəyyən edirlər. Adamlar fikirləşirlər ki, filan yerə getsəm, arzum həyata keçəcək. Axı, bunlar dinin mahiyyətinə uyğun deyil.
Bu gün qanunvericilikdə edilən dəyişikliklər daha çox islam təhlükəsi adı altında təqdim olunubdur. Bu da bir az narahatçılıq yaradır. Azərbaycanda heç kimi narahat eləmir ki, şəhərin mərkəzində, – mən buna müsbət yanaşıram, – kilsə zəngi orada yaşayan əhali üçün müəyyən mənada narahatçılıq yarada bilər. Amma hamı azan səsinin ucadan səslənməsindən narahat olur. Buna, əslində, yol vermək olmaz. Tolerant bir ölkəyiksə, biz bütün dinlərə eyni münasibət bəsləməyi bacarmalıyıq. Hesab edirəm ki, bu kimi məsələlərə kifayət qədər həssas, dəqiq yanaşmalıyıq. Bu gün hətta qanunsuz tikilmiş olsa belə, məscidin sökülməsinə, bağlanmasına biganə qalmamalıyıq.
Ən böyük təhlükə dinin yer altına getməsi, dövlətin nəzarətindən çıxmasıdır. Ayrı-ayrı xarici dövlətlərə isə məhz bu sərfəlidir. Qanunvericilik o səviyyədə inkişaf etməlidir ki, insanların inamını üzə çıxarsın, hamını şəffaf vəziyyətə gətirsin. İnsan, eyni zamanda, etiqad bəslədiyi dinin fəaliyyətinə nəzarət edə bilməlidir, çünki insanın ürəyinə girən dini ehkamları dəyişmək çətindir. Siyasətdə əsas prioritet bu olmalıdır. Qanunvericiliyə dəyişiklik, Rəbiyyət xanım gözəl qeyd elədi ki, müəyyən müsbət dəyişikliklər və müsbət olmayan, anlaşılmaz məsələlər də var. Konkret maddələrə münasibət bildirmək, onların üzərində ciddi işləmək lazımdır. Əgər onların dəyişilməsi mümkündürsə, bunu edək. Mükəmməl dəyişiklik etmək lazımdır, çünki hüquq real ictimai münasibətləri tənzimləyir. Əgər burada nəyi isə dəyişəcəyiksə və bunlar real münasibətlərlə ziddiyyət təşkil edəcəksə, onda bu problemlər yenə qalacaq.
Bir nümunə deyim. Azərbaycanda Qafqaz Müsəlmanları Ruhani İdarəsi, digər dini icmalar var. Bunların hamısı hüquqi şəxs sayılır. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin tarixi ənənəyə görə, statusu digər icmalardan fərqlənir. Ona görə real ictimai münasibətlərə düzgün yanaşmasaq, onsuz da cəmiyyətdə dini müəssisələr, dini icmalar öz istiqamətlərində fəaliyyətlərini davam etdirəcəklər. İnsanları məsciddə ibadət etməyə qoymasalar onlar evlərə toplaşacaqlar. Əksinə, onları daha çox açıq şəraitə gətirmək lazımdır ki, dövlət üçün təhlükəli tendensiyalar yaranmasın və bunlardan başqaları istifadə etməsin.
Burada, 12-ci maddədə göstərilən bir məsələni, – mən bunu komissiyada da dedim, – açıqlamaq istəyirəm. Dini icmanı təsis edən şəxslərin siyahısı, onların şəxsiyyətini təsdiq edən sənədlərin surətlərindən əlavə bir dissertasiya tələb olunur. Məsələn, ailə məsələsinə münasibətimi 10 səhifə, təhsilə münasibətimi 20 səhifə yazıb səhifəyə qoşmalıyam. Bəzi məsələlərə məntiqli baxmaq lazımdır. Nizamnamədə tələb qoyula bilər ki, bu məsələlərə bir-iki cümlə ilə münasibət bildirilsin.
Hüquqi şəxs məsələsində də anlaşılmazlıq ortaya çıxa bilər. Biz standart hüquqi şəxs modelini Azərbaycan üçün müəyyənləşdirməliyik, çünki sabah təhsil üçün də ayrıca hüquqi şəxs anlayışı yaratmalıyıq. Din üçün ayrıca, başqa sahələr üçün də ayrıca forma seçmək olmaz. Hüquqi şəxsin vahid standartı müəyyən olunmalıdır. Spesifik hüquqi şəxslər deyəndə, siyasi partiya da, dini qurumlar da bura daxildir. Əlavə müəyyən tələbləri qoymaq olar, amma hər dəfə hüquqi şəxsdən kənara çıxan, daha çox sənədləşmə tələb edən məsələləri gündəmə gətirmək qanunun mahiyyətinə xeyli zərər vurur. Digər tərəfdən burada tələb olunur ki, müəyyən dini ədəbiyyatın, dini məzmunlu əsərlərin çapı, satışı, idxal və ixracı mütləq müvafiq dövlət orqanının rəyi ilədir. Yaxşı, idxal-ixracı başa düşdük. Dövlət orqanı da haqlıdır ki, müəyyən ekstremist ədəbiyyatlar yayıla bilər. Ötən dəfə eşitdim ki, Zəlimxan Yaqub peyğəmbər haqqında poema yazır, onu çap etdirmək istəyir. İndi o, müvafiq icra orqanından razılıq almalıdır ki, mən bunu yazım, yazmayım? Belə bir yanaşma olmaz. İstehsal insanın intellektual mülkiyyəti ilə bağlı məsələdir və intellektual mülkiyyətə bu formada məhdudiyyət qoyulmaz.
Burada müsbət məqamlardan birini də mən qeyd eləmək istəyirəm. Dəyişiklikdə ixtisaslaşmış yerlərdə satışın həyata keçirilməsi, bəli, vacibdir, amma satışı qadağan etmək olmaz. Heç olmasa, dövlət 5–6 müəyyən ixtisaslaşmış yer, mağaza müəyyən eləməlidir ki, ora nəzarət edə bilsin. Mən demirəm ki, nəzarətsiz olsun, amma bunu qadağanedici istiqamətə gətirmək, hər bir halda bu münasibətlərə ciddi zərər vura bilər.
Bir sıra məsələlərdə məhkəmənin üzərinə ağırlıq salınmalıdır. Məsələn, verilir ki, qeydiyyatdan imtina nə vaxt ola bilər? Yaradılan qurum dini icma qismində tanınmadıqda, onu mütləq məhkəməyə yönəltmək lazımdır. Çünki biz demokratik dövlət qururuqsa, bütün bu tanınma məsələləri subyektiv dövlət idarəsinin bərabər tərəfləri arasında həll olunmalıdır. Münasibətlərin bir tərəfin müəyyən etməsi üzərində qurulması müəyyən subyektiv qərarların verilməsinə gətirib çıxara bilər. O baxımdan mən düşünürəm ki, qanunvericilikdə olan müəyyən dəyişikliklərdə həm müsbət, həm də bir az narahatedici cəhətlər də var. Düşünürəm ki, biz elə istiqamətdə hərəkət eləməliyik ki, bu ölkədə başqa dinlərə meyillər azalsın. Bu gün daha çox islam dininə münasibətdə diskriminasiya elementlərinə meyillər güclənməkdədir. O baxımdan dayaqları zəiflətməyə də yol vermək olmaz. Biz Bakıda islam mədəniyyətinin mərkəzi adından tədbirlər keçiririksə, islam kimliyi ilə özümüzü təqdim ediriksə, bu sahədə başımızı qaldırırıqsa, ümumbəşəri məsələlərdə bir yerdəyiksə, bəzi incəlikləri unutmamalıyıq. Bizi ona görə erməni məsələsində, başqa məsələlərdə çox vaxt sıxışdırırlar.
Məncə, öz kimliyimizdən imtina eləmək, onu məhdudlaşdırıcı addımlarla kənara qoymaq yolundan daha çox dinimizə, yəni islamın dəyərlərinə sahib çıxmalıyıq. Ekstremizmə, xaricdən yönləndirilən cərəyanlara, təriqətlərə qarşı da dövlət öz kəskin mübarizəsini qoymalıdır. Bu, əlbəttə, vətəninə, dövlətinə bağlı olub, lakin heç bir təriqətə, cərəyana mənsub olmayan dindarları incitmək bahasına baş verməməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Tənəffüs elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, əyləşəsiniz. Siyahı ilə çıxışlara davam edirik. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirə olunan qanun layihəsi ilə bağlı onu deyə bilərəm ki, bu əlavə və dəyişikliklərə çoxdan ehtiyac var idi. Çox təəssüf edirəm ki, bəzi deputat həmkarlarım belə bir qənaətlə fikir söylədilər ki, guya bu, Azərbaycanda hansısa dini etiqad azadlığının məhdudlaşdırılmasına yönələn bir layihədir. Hesab edirəm ki, bu mövqedən çıxış edən şəxslər, əslində, dini etiqad azadlığının məhdudlaşdırılmasına dair konkret, ciddi bir fikir ortaya qoya bilmədilər. Onlar ümumi formada danışdılar və konkret normalara istinad etmədilər.
Burada 12-ci maddəyə istinad olundu. Guya dini icmalar, qurumlar qeydiyyatdan keçərkən özlərinin fəaliyyəti, bu və ya digər məsələlərə baxışları ilə bağlı məlumat verməlidirlər. Axı, burada dini etiqad azadlığını məhdudlaşdıran nə var ki? Sadəcə, müvafiq dövlət orqanları, dövlət qurumları bilməlidirlər ki, onların qeydə alacağı icmalar, ayrı-ayrı dini cərəyanlar, təşkilatlar hansı fəaliyyətlə məşğul olmaq istəyirlər, bizim Konstitusiyada təsbit olunmuş hüquqlara onların münasibəti nədən ibarətdir? Bu qanuni tələbdə heç bir dini etiqad azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilməz. Əksinə, bir neçə məsələ var ki, onlara dövlət orqanları xüsusi diqqət yetirməlidirlər. Mənim deputat həmkarlarım da bilməlidirlər ki, islam dini bizim milli-mənəvi sərvətimizdir və onu qorumağa borcluyuq.
Azərbaycan müsəlman ölkəsidir. Burada qeyd olundu ki, ayrı-ayrı dövlətlərin başçıları andiçmə mərasimində dinin müqəddəs kitablarına əl basırlar. Bizdə də Prezident Konstitusiya ilə bərabər Qurana da and içir. Bizim bu milli-mənəvi sərvətimizi qoruyub saxlayan ata-babalarımız dini etiqada sadiq olublar. Qafqaz Müsəlmanları İdarəsi dinimizi təbliğ edən, onu qoruyan qurumdur. Səudiyyə Ərəbistanında həcc ziyarətində olanlar üçün böyük bir məscid tikir, ərazisini genişləndirirlər. Görün, Azərbaycanda nə qədər məscid tikiblər. Bu günün problemi təkcə bu deyil. Pənah bəy, çox təəssüf hissi ilə qeyd edirəm, belə bir fikir söylədi ki, guya dini etiqad azadlığının məhdudlaşdırılması dövlət siyasətidir. Buna səbəb də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin modernləşmə ilə bağlı məqalələridir. Yadımdadır, bu yaxınlarda televiziyada Pənah bəylə Fazil bəyin dialoqu oldu. Orada Pənah bəy Fazil bəyə irad tutub dedi ki, sən Rəsulzadəni oxumamısan. Mən indi tam məsuliyyətlə deyirəm ki, Pənah bəy də Ramiz Mehdiyevin o məqalələrini oxumayıb. Əslində, o məqalələrdə Azərbaycanın inkişaf strategiyası müəyyənləşir. Kaş ki, bu iqtidar orada qeyd olunanları yerinə yetirəydi. Çox təəssüf ki, bəzən deyilən və yazılanlarla əməldə olanlar üst-üstə düşmür.
Mən bir məsələnin üzərində dayanmaq istəyirəm. Azərbaycanda bəzi qeyri-rəsmi dini cərəyanlar o həddə gəlib çatıblar ki, komitənin iclasında da demişdim, sizin də diqqətinizi bir məsələyə yönəltmək istəyirəm. Mərhum Prezident Heydər Əliyevin doğum günü ilə bağlı tədbir keçirilirdi. Orada bütün iştirakçılara Heydər Əliyev barədə deyil, Fətulla Gülərlə bağlı əyani vəsait, təbliğat materialı paylanırdı. Oraya dəvət olunan deputatlar, gənclər təşkilatlarının nümayəndələri, elm adamları da etiraf etdilər ki, bu təbliğat etik baxımdan düzgün deyil. Tədbirin bir adama həsr olunması, amma başqa bir adam haqqında orada material yayılması onun göstəricisidir ki, bu adamlar artıq çəkinmədən hansı vasitələrə desən, əl atır, öz ideyalarını təbliğ edirlər.
Mən orada bir jurnala baxdım. O jurnalda qeyd olunur ki, yalnız bir yerdə dini və dünyəvi təhsil alanlar yüksək əxlaqa malik olurlar. Onlardan yaxşı rəhbər və siyasətçilər yetişir. Bu cür insanlar siyasi hakimiyyətə gələndə ədalətli cəmiyyət qururlar, qanunların aliliyini bərpa edirlər. Kim istəyirsə, o jurnalları tapıb oxuya bilər. Bu təbliğat Konstitusiyamıza ziddir. Bizim Konstitusiyaya görə din dövlətdən ayrıdır. Belə olduğu təqdirdə, baxın, bunlar təbliğatı hansı səviyyədə, nə cür şəraitdə aparırlar. Bu gün mərhum Prezident Heydər Əliyevin oğlu Azərbaycanda dövlət başçısıdır. Görün, başqa vəziyyət olsa, bunlar ölkədə hansı səviyyədə iş apararlar? Xüsusilə Azərbaycan gənclərini xarici ölkələrə dini təhsil almağa göndərirlər. Bu, qanunun 24-cü maddəsinin ikinci hissəsində qeyd olunur. Xarici ölkələrə dini təhsil almağa göndərilən tələbələr mütləq müvafiq dövlət orqanının razılığını almalıdırlar. Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır.
Burada qeydiyyatla bağlı məsələləri dedilər. Dini qurumların, cərəyanların fəaliyyətinə yalnız qeydiyyata alınandan sonra hüquqi şəxs kimi fəaliyyət göstərmələrinə icazə verilməlidir. “Hüquqi şəxs kimi” sözləri oradan çıxarılmalıdır, çünki dini qurum yalnız dövlət qeydiyyatından keçdiyi ünvanda fəaliyyət göstərməlidir. Bu dini qurumların çoxu yaşayış mənzillərində qeydiyyatdan keçirlər. Bu, bizim Mənzil Məcəlləsinə ziddir. Ona görə ki, mənzillər yaşayış üçündür, onlardan idarə kimi istifadə oluna bilməz. Bu, idarə kimi istifadə olunursa, onun təyinatı müvafiq dövlət qurumları tərəfindən dəyişdirilməlidir.
Dini qurumlar arasında ziddiyyətlər də mövcuddur. Bunlar hətta məscidə bomba ata bilərlər. Səhər biri gələr, həmin evə bomba atar. İnsanlar işdən gəlir, mənzillərinə qalxırlar. Təsəvvür edin ki, dini icmanın üzvləri də həmin binada liftlə qalxacaqlar, düşəcəklər. Bütün bunlar orada yaşayan insanların girişinə, çıxışına nə qədər əlavə əziyyət yaradacaqdı. Fərdi evdirsə, problem yoxdur. Qoy gəlsinlər, fərdi evlərdə qeydiyyata alınsınlar. Bunu qanunun özünə də daxil eləmək lazımdır. Yazılmalıdır ki, çoxmənzilli binalarda, fərdi evlər istisna olmaq şərti ilə, dini qurumların qeydiyyatına icazə verilmir. Yəni bu fikri xüsusi olaraq bura daxil eləmək lazımdır.
Tədrislə bağlı məsələlərə toxunmaq istəyirəm. Qanunda qeyd olunur ki, dini təhsilə uşaqlar da cəlb oluna bilərlər. Mən hesab edirəm ki, bizdə orta təhsil icbari xarakter daşıyır və bizim bütün gənclərin bu təhsili alması, tərbiyə olunması birbaşa ailənin borcudur. Eyni zamanda, dövlət də bu prosesə Konstitusiya ilə nəzarət edir. Ona görə biz burada qeyd eləməliyik ki, yalnız kamal attestatı almış şəxslər bu dini məktəblərə cəlb oluna bilərlər. Qoy hər bir gənc başa düşsün ki, dünyada, cəmiyyətdə nə var, nə yox, sonra özü öz seçimini eləsin. Ona görə bu məsələ qanunda da öz əksini tapmalıdır. Bu qanun qəbul olunandan sonra dini icmaların, qurumların yenidən qeydiyyatına çox böyük ehtiyac yaranacaq, çünki burada onlarla bağlı yeni tələblər irəli sürülür.
Mən hesab edirəm ki, prinsipial məsələlərdən biri odur ki, bu qanun bəzi həmkarlarımın dediyi kimi, heç də insanların dini etiqadını məhdudlaşdırmır, əksinə, bu sahədə qayda-qanunun, nizam-intizamın yaradılmasına, ayrı-ayrı dövlətlərin din adı altında ideyalarının, təbliğatlarının yayılmasının qarşısının alınmasına, bizim dinimizin qorunmasına xidmət edir.
Sonda onu da qeyd edim ki, bizdə məscidlərin sayı son vaxtlar xeyli artıbdır. Dini qurumların sayı da həddindən artıq çoxalıbdır. Sovet dönəmində insanların dinə, Allaha inamı indikindən bəlkə də daha çox idi. Bu göstəricilər isə heç də o demək deyil ki, insanların Allaha inamı artıb. Biz dini dövlətlər görmüşük və onların siyasətini, islama olan münasibətini də bilirik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gültəkin Hacıbəyli.
G. Hacıbəyli. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli həmkarlarım! Biz bu gün, doğrudan da, çox aktual bir məsələni müzakirə edirik. Əgər cəmiyyətimizdə son dönəmlərdə baş verən hadisələri təhlil etsək, bu məsələnin aktuallığının nə dərəcədə ciddi olduğu bir daha aydın nəzərə çarpar.
Hər bir millətin, hər bir xalqın mövcudluğunu şərtləndirən iki başlıca amil, sütun var. Milli kimlik, milli mənəviyyat məhz bu sütunlar üzərində bərqərar olur. Bu sütunlardan biri dildir, ikincisi isə dindir. Din və dil xalqın mənəviyyatı, xalqın ruhu deməkdir. Öz milli kimliyinə sahib çıxan millət, sözsüz ki, öz dilinə, öz dininə sahib çıxmağı bacarmalıdır. Əks təqdirdə öz milli kimliyinə, dilinə və dininə sahib çıxa bilməyən millətin mənəvi dəyərlərinə, sözsüz ki, sahib çıxmaq istəyən qüvvələr olacaqdır. Son dövrlərdə Azərbaycanda yaşanan hadisələr də onu təsdiq edir ki, bizim hakimiyyətə başqa yolla təsir etmək iqtidarında olmayan, Azərbaycan cəmiyyətinin içinə başqa yollarla girən kənar qüvvələr dövlətimizin monolitliyini görərək, cəhdlərini artırıblar. Bu cəhdlər indi göz önündədir. Təsadüfi deyil ki, bu gün cəmiyyətimizdə vəhabiliyin, digər missioner təriqətlərin təhlükəsi haqqında fikirlər səslənməkdədir. Bu fikirlər, doğrudan da, ciddi həyəcan doğurur və gələcəkdə onların arxasında çox ciddi vəziyyətlər yarana biləcək. Artıq biz bunun ilk təzahürlərini görürük. Belə bir vəziyyət nə üçün yaranır? Sözsüz ki, dini tərbiyə sahəsindəki müəyyən boşluqlardan. Gənclərimiz hazırda, əslində, İslama heç bir aidiyyəti olmayan qeyri-ənənəvi dini icmaların, xüsusilə xristian missioner təriqətlərin təsiri altına tez düşürlər. Fikirləşirsən ki, bəs onların islam dininə olan inamı, əqidəsi niyə bu qədər zəifdir? Əlbəttə, söhbət hamıdan yox, məhz təsir altına düşənlərdən gedir. Bu gənclərdə dinimizə qarşı sevgi yoxdur, çünki bir çox hallarda dinimizin mahiyyətini bilmirlər. İnsan bilmədiyi etiqadı nə sevə, nə də təbliğ edə bilər. İnsan, həmçinin dərindən anlamadığı dinlə bağlı əqidəsində, inamında qətiyyətini sonadək müdafiə etməyə qadir də ola bilməz. Bu baxımdan mən düşünürəm ki, gerçək islam dininin təbliğinə, yayılmasına böyük ehtiyac var.
Bizim dinimiz səmavi dinlərin ən sonuncusu olmaqla bərabər, həm də yüksək əxlaqi dəyərləri ilə seçilən bir etiqadın rəmzidir. Digər dinlərə qarşı hədsiz həssaslıq, dözümlülük göstərən islam ailə münasibətlərinə, böyüklərə, qadına, ümumiyyətlə, cəmiyyətə yüksək dəyərlərlə yanaşır. Biz dinimizlə bağlı təbliğatı ona görə aparmalıyıq ki, Azərbaycanı sevməyən qüvvələr dövlətimizə qarşı bu faktordan istifadə etməsinlər. Xarici qüvvələrin, xarici kəşfiyyatların strukturları bu istiqamətdə çox ciddi fəaliyyət göstərirlər. İslam dininə görə Allahla bəndə arasında heç bir vasitəçi olmamalıdır. Təəssüf hissi ilə demək istəyirəm ki, bu gün bizim cəmiyyətdə Allahla onun bəndələri arasında, əslində, ciddi bir vasitəçilik institutu yaranıbdır. Bu vasitəçilik institutu böyük təsərrüfat halına gəlib və bir çox cahil mollalar onu az qala öz şəxsi əmlaklarına çeviriblər. Din vasitəsilə biznes strukturları yaranıb. Məhz buna görə də bu gün bir çox din xadimlərinə insanlarda inam azalıbdır. Nə üçün bu gün Gürcüstanda ən böyük nüfuza malik olan insan patriarx, Ermənistanda katalikos olduğu halda, bir çox mollalarla bağlı Azərbaycan cəmiyyətində təzadlı mövqelər, fikirlər var. Mən çox istəyərdim ki, Azərbaycanda da dinə münasibət saf olsun, gözəl olsun. Buna, doğrudan da, bizim böyük ehtiyacımız var.
Burada deputat həmkarlarım müxtəlif fikirlər səsləndirdilər. Mən, xüsusilə hörmətli Siyavuş müəllimin, Fazil müəllimin səsləndirdikləri bir çox fikirləri dəstəkləyirəm. Siyavuş müəllim yas mərasimlərindən danışdı. Mən bu fikirləri tamamilə müdafiə edirəm. Zəngin, imkanlı insanlar yas mərasimlərində hədsiz dərəcədə israfçılığa yol verirlər. Kasıblar, imkanı az olan insanlar da onlara baxır, həyatdan getmiş əzizlərinə eyni hörməti göstərmək, mərasimlərini yüksək səviyyədə yola vermək üçün çox böyük məhrumiyyətlərə qatlaşır, borca, xərcə düşürlər. Bax, bu ənənəyə son qoymaq çox vacibdir. Ziyarətgahlarla bağlı Fazil müəllimin dediklərində də böyük həqiqət var. Əslində, biz ayrı-ayrı müqəddəs insanların adları ilə bağlı olan ziyarətgahlara tapınmaqla, onlara baş əyməklə, daşlara səcdə etməklə islam dininin mahiyyətini təhrif edirik. Bu, müəyyən mənada Allaha şərik qoşmaq deməkdir. Bu məsələlərin qarşısını almaq lazımdır. Dini idarəmiz də bu istiqamətdə, düşünürəm ki, çox böyük işlər görməlidir.
Mən fürsətdən istifadə edib, hörmətli həmkarlarımızın diqqətini bir məqama da çəkmək istəyirəm. Qafqaz Müsəlmanları İdarəsi nəinki Azərbaycanda, ümumiyyətlə, Qafqazda yaşayan bütün müsəlmanlara mənəvi yolgöstərən, onların yoluna işıq tutan bir dini qurum olmalıdır. Bizim Gürcüstanda yaşayan yarım milyon soydaşımız var. Onların vəziyyətini də heç vaxt unuda bilmərik. Böyük təəssüf hissi ilə demək istəyirəm ki, bu gün Gürcüstanda islama etiqadın vəziyyəti ciddi təəssüf doğurur. Gürcüstanın Tiflis ətrafında, xüsusilə Borçalıdan uzaq elə bölgələri var ki, orada yas mərasimlərində müsəlmanlara spiritli içkilər təklif edirlər, onlar çaxır içirlər. Artıq burada İslama çox ciddi təhlükə yaranır. Elə olur ki, insanlar ölüsünü beş gün, altı gün saxlayır, sonra dəfn edirlər.
Gürcüstanda azərbaycanlı müsəlmanlar yaşayan ərazilərdə xaçlar quraşdırılır. Məsələn, Bolnisi rayonunun Kəpənəkçi kəndinin qədim bir müsəlman qəbiristanlığı var. Orada ancaq müsəlmanlar dəfn olunublar, bir dənə də gürcü qəbri yoxdur. Bu müsəlman qəbiristanlığının üstündə gətirib böyük bir xaç işarəsi quraşdırıblar.
Əziz həmkarlar, hansı birimiz təsəvvür edə bilərik ki, məsələn, Azərbaycanın Qax rayonunda gürcülərin yaşadığı yerdə, yaxud Qubanın Qırmızı Sloboda qəsəbəsində hər küçənin başında bir məscid inşa edilibdir. Təbii ki, bu, digər dinlərin təmsilçilərinin haqlı etirazına, narazılığına səbəb olur. Təəssüf ki, Gürcüstanda, yarım milyon azərbaycanlının yaşadığı bir ölkədə isə tamam başqa bir vəziyyət mövcuddur. Mən bir daha Azərbaycanda yaşanan vəziyyətlə, xüsusilə xarici ölkələrin Azərbaycana həmlələr, din sahəsində olan müəyyən boşluqlardan istifadə cəhdləri ilə bağlı öz etirazımı bildirirəm. Bir də, onun tərəfdarıyam ki, bu sahədə çox ciddi qayda-qanun yaranmalıdır.
Bu sahənin çox ciddi bir təhlilə ehtiyacı var və vəziyyət dəyişməlidir. Bunu qadağalar, digər hansısa bir tədbir yolu ilə deyil, gerçək islamı, həqiqi islamı təbliğ etmək vasitəsilə həll etmək lazımdır. Biz bir şeyi unutmamalıyıq ki, başımızın üzərində dalğalandırdığımız müqəddəs bayrağımızda öz əksini tapan yaşıl rəng islam dinini, onun dəyərlərini ifadə edir.
Din mənəviyyatın tərkib hissəsidir. Mənəviyyatına sahib çıxmaq hər bir azərbaycanlının, dövlətin müəyyən dərəcədə ideologiya ilə məşğul strukturlarının müqəddəs borcudur. Mən əminəm ki, Azərbaycan hakimiyyəti, xalqımız, bütün sahələrdə olduğu kimi, din zəminində də yaranmış müəyyən problemləri yaxın zamanda aradan qaldıracaqdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxışa yazılan millət vəkillərindən danışmağa təkid edən var? Buyurun, Fəzail müəllim. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlarım təqdim edilmiş qanun layihəsinin predmetindən daha çox, bu gün cəmiyyətimizdə dinlə, onun ayrı-ayrı icmaları ilə bağlı cəmiyyətin yaşamış olduğu məsələlərin üzərində dayandılar. Əlbəttə, bütün bunlar bir tərəfdən təəssüf doğurur, digər tərəfdən də nəticə çıxarmağa imkan verir ki, ölkəmizdə dinimizlə bağlı problemlər var. Siz də mənimlə razılaşarsınız ki, bu problemlərin həlli ancaq qanunların qəbul edilməsindən keçir. Təqdim edilmiş qanun layihəsinin fəlsəfəsi, mahiyyəti, məqsədi də buna xidmət edir. Mən istərdim ki, bundan sonra söz almaq istəyənlər təqdim edilmiş əlavə və dəyişikliklərin bizi maraqlandıran problemlərin həllinə nə dərəcədə cavab verəcəyini təhlil etsinlər və öz təkliflərini versinlər.
Mən də burada səslənən bir sıra fikirlərə öz münasibətimi bildirmək istəyirəm. Xüsusilə Pənah Hüseynin söyləmiş olduğu bir sıra fikirlərin kifayət qədər təftiş xarakter daşıması, deyərdim ki, bir az da problem doğurması baxımından ona cavab verməmək mümkün deyil. Ölkə Prezidenti and içəndə əlinin birini Konstitusiyanın, digərini isə Quranın üzərinə qoyur. Azərbaycanda bütün müsəlman bayramları, o cümlədən həm Qurban bayramı, həm də Ramazan bayramı yüksək səviyyədə keçir. İndi siz deyirsiniz ki, Milli Məclisin deputatlarından tutmuş bütün məmurlara qədər hamı saat 1-dən 2-yə qədər məscidlərə girsin, namaz qılsın və beləliklə, göstərsinlər ki, Azərbaycanda islam dini bütün məqamlarda həyata keçirilir? Azərbaycanın Konstitusiyasına uyğun olaraq din dövlətdən ayrıdır. Azərbaycan əhalisinin birmənalı şəkildə vicdan azadlığı hüquqları vardır. Vicdan azadlığının hər hansı mənada məhdudlaşdırılmasından söhbət gedə bilməz.
Mən çox təəssüf edirəm ki, Pənah bəy, bunun başlıca günahını, – mənə əvvəlcədən də söylədilər, – Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin üzərinə yönəltməyə çalışdı. Düşünürəm ki, bu, kökündən yanlış bir fikirdir. Ölkənin siyasətini müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidentidir və ayrı-ayrı məmurlar da o siyasətə uyğun olaraq öz üzərinə düşmüş funksiyaları yerinə yetirirlər. Bu məsələlərin ətrafında xüsusi müzakirələr aparmağa ehtiyac yoxdur. Təqdim edilmiş qanun layihəsindəki əlavə və dəyişikliklər Azərbaycanda özünü göstərən bu problemlərin aradan qaldırılmasında mühüm rol oynaya biləcək müddəalardır.
Bu gün qanunda olan müəyyən boşluqlardan istifadə edən ayrı-ayrı dini icmalar, sektalar Azərbaycanda yaranmış bəzi vəziyyətlərdən yararlanmağa can atırlar. Bu layihədəki əlavə və dəyişikliklər məhz bu cür halların aradan qaldırılmasına birbaşa xidmət edir. Götürək 12-ci maddənin birinci bəndində dini qurumların ləğv edilməsi məsələsini. Burada həmin məqsəd düzgün ifadə olunubdur. Düşünürəm ki, biz bunu təbliğ və müdafiə etməliyik.
6-cı maddənin üçüncü hissəsində göstərilir ki, dini təhsil müəssisələri necə yaradıla bilər. Məncə, bu hissəni çıxarmaq lazımdır, çünki buna ehtiyac yoxdur. 10-cu maddənin ikinci hissəsində həmin məqsəd kifayət qədər öz əksini tapıbdır. Mənə belə gəlir ki, o müddəa daha dəqiq ifadə formasıdır.
Mən daha bir məsələnin üzərində də dayanmaq istəyirəm. Uzun müddət Azərbaycana müxtəlif yollarla ötürülən və kifayət qədər zərərli olan bir sıra dini ədəbiyyatın bizdə yayılmasına qanunla qadağan qoyulması, məhdudiyyətlərin yaradılması son dərəcədə əhəmiyyətli və vacib məsələdir. Bir az da açıq şəkildə desək, bizim cənub qonşumuz olan İrandan bizə islam dini pərdəsi arxasında siyasi məqsədlərə xidmət edən kifayət qədər ədəbiyyatlar gəlir və bu, yenə davam etməkdədir. Yaxud ayrı-ayrı dini sektalar dini əqidəni sapdıran kitablar yayırlar. Bunlara məhdudiyyət qoyulması, bu cür zərərli halların aradan qaldırılması vacibdir.
Məscidlərin açılmasında da bir qayda-qanun yaratmaq lazımdır. Mənə belə gəlir ki, bu işə sistemli şəkildə nəzarət qoyulmalıdır. Bu gün bizdə hökm sürən və dinlə xeyli dərəcədə bağlı olmayan hallara imkan verilməməlidir.
Mən sonda bir məsələnin də üzərində dayanmaq istəyirəm. Qafqaz Müsəlmanları İdarəsi ilə ayrı-ayrı icmaların səlahiyyətləri arasında kifayət qədər fərq yoxdur. Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi həmin icmalara qarşı hər hansı bir təsirli tədbir görmək gücündə deyil. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də bu baxımdan yetərincə səlahiyyətləri yoxdur. Bu məsələlər öz həllini tapmalıdır. Əlbəttə, məsələyə ikili yanaşma tərzi var. Bir tərəfdən bunun dövlət tərəfindən tənzimlənməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilməlidir, başqa bir tərəfdən onun dini baxımdan tənzimlənməsi məhz Qafqaz Müsəlmanları İdarəsinə həvalə olunmalıdır. Səlahiyyətlərin verilməsində bir mərkəz status olmalıdır ki, biz yeri gələndə hara üz tutmalı olduğumuzu bilək, lazım gələni soruşaq və tələb edək ki, bu cür hallara son qoyulsun.
Nəhayət, bu nəzir qutularının yerləşdirilməsində də qayda-qanun olmalıdır. Hər məscidin qabağında bir nəzir qutusu var. Bunun da tənzimlənməsinə, düşünürəm ki, ehtiyac var. Dəfələrlə burada söylənən fikri bir daha xatırlatmaq istəyirəm. Dini mərasimlərin keçirilməsi ilə bağlı, hörmətli cənab Sədr, qanun layihəsinin hazırlanmasına və müzakirəyə çıxarılmasına ciddi ehtiyac vardır. Ümidvaram ki, həmin sənəd yaxın vaxtlarda müzakirəmizə təqdim ediləcəkdir. Əlavə və dəyişiklikləri kifayət qədər ciddi olan bu qanun layihəsinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən də bir-iki kəlmə söz demək istəyirəm. Burada müxtəlif fikirlər səsləndi. İndi bizim seçicilərimiz də televiziyaya baxacaq və çoxlarında belə bir fikir yaranacaq ki, Milli Məclis islam dininə qarşıdır. Mən bir misal çəkmək istəyirəm. Deyirlər ki, dinini dananın imanı olmaz. Burada heç kim dinini danmır. Biz hamımız müsəlmanıq və islam dini də bizim kökümüzdür. Biz bu əqidəyə bağlı adamlarıq.
Bizim istədiyimiz nədir? Biz hər yerdə deyirik ki, tolerant ölkəyik. Çox gözəl. Ancaq elə etməliyik ki, bu tolerantlıqdan istifadə edib bizi içəridən parçalamasınlar. Söhbət bundan gedir. Tolerantlıq yaxşıdır, ancaq, dövlətçiliyə, dövlətə qarşı çevrilməməlidir. Bir sıra məsələlərə, həqiqətən də, nəzarət olmalıdır, baxılmalıdır, bilinməlidir. Bunu hər kəs bir cür qələmə verirsə, öz işidir. Bu, vaxtında qəbul olunan qanun layihəsidir.
Azərbaycan parlamenti 90 illiyini qeyd edibdir. Biz həm də cavan parlamentik. Bizim parlamentdə bəzən əsas məsələ qalır bir kənarda, hərə istədiyi fikirləri deyir. Gəlin, bu vərdişlərdən bir az kənarlaşaq. Fikirlər ümumi şəkildə hamıya aydındır.
Məclisimizin işində bizim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri də iştirak edir. Ona söz verilməsə, bu, bir az düzgün olmaz. Sözü Hidayət Orucova vermək istəyirəm. Buyurun, Hidayət müəllim.
H. Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilmiş əlavə və dəyişikliklərlə bağlı müzakirələrdə iştirakım və çıxışım üçün yaradılmış imkana görə Milli Məclisin rəhbərliyinə təşəkkürümü bildirirəm. Azərbaycan müstəqilliyi bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında dövlət-din münasibətlərinin tənzimlənməsində, eləcə də milli-mənəvi dəyərlərimizə və vicdan azadlığı ilə bağlı məsələlərə münasibətdə yeni mərhələ başlanmışdır. Ulu öndərin dini dəyərlərə münasibətdə əsasını qoyduğu alternativsiz siyasət, habelə tolerantlığın dövlət siyasəti kimi həyata keçirilməsi sahəsində mövcud dövlətçilik ənənələri möhtərəm dövlət başçımız İlham Əliyev tərəfindən bu gün böyük uğurla, yüksək səviyyədə davam etdirilir. Dini etiqad azadlığının təmin olunmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, həmçinin tarixi-dini abidələrimizin bərpasına xüsusi diqqət göstərilir.
Məscidlərin, ziyarətgahların, xristian və iudaizm məbədlərinin bərpasında, yeni ibadət ocaqlarının tikintisində Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da məqsədyönlü və ardıcıl fəaliyyəti qabarıq nəzərə çarpır. Fond milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verir. Bütün bunların məntiqi nəticəsidir ki, Azərbaycan dövlət— din münasibətlərinin tənzimlənməsinə, tolerantlıq ənənələrinə, milli-mənəvi dəyərlərə göstərilən qayğının miqyası və səviyyəsinə görə nəinki region, hətta dünya ölkələri arasında üstün mövqeyini qoruyub saxlayır.
Hörmətli millət vəkilləri! Azərbaycan cəmiyyətinin inkişaf dinamikasına uyğun olaraq bir sıra qanunlar kimi, “Dini etiqad azadlığı haqqında” Qanuna da əlavələr və dəyişikliklərin edilməsi zərurətə çevrilmişdir. Eyni zamanda, bu il mart ayının 18-də referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş əlavələr və dəyişikliklər də qanuna yenidən baxılmasını labüdləşdiribdir. Bu baxımdan qanuna təklif olunan əlavə və dəyişikliklər Azərbaycan xalqının maraqlarını təmin edir və cəmiyyətin müvafiq sahədə düzgün inkişafı üçün hüquqi zəmin yaradır.
Təklif olunan əlavə və dəyişikliklər beynəlxalq standartların və demokratik dəyərlərin cəmiyyətdə tam bərqərar olmasına geniş şərait yarada bilər. Qeyd etməliyəm ki, əlavə və dəyişikliklərin yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə peşəkar səviyyədə hazırlandığı ilk baxışdan diqqət çəkir. Mən buradakı müddəaların hər birini dəstəkləyirəm. Bununla belə mövcud qanundakı müəyyən boşluqlar və bəzi məqamlarla bağlı öz fikirlərimi bildirmək istərdim. Qeyd edəcəyim fikirlər həm də iş təcrübəsinə və mövcud gerçəkliyə əsaslanır. Hazırda dövlət komitəsində, artıq deyildiyi kimi, qeydiyyatdan keçmiş icmaların sayı 434-ə çatıb. Öyrənmələr göstərir ki, dövlət qeydiyyatına alınmış icmaların heç də hamısı hüquqi sənədləşdirmə işlərinə eyni məsuliyyətlə yanaşmır. Həmçinin, din sahəsində bir sıra qanun pozuntularına digər qanunlar əsasında, məsələn, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun, Mülki Məcəllə və ilaxir qanunvericilik aktları əsasında hüquqi qiymət verilməlidir. Ona görə də dini qurumu qeydiyyata almaqdan imtina hallarını göstərən bəndlərə daha birini, 4-cü bəndi əlavə etmək təklif edilir.
Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş digər hallarda 12.1-ci maddənin əlavə edilməsi isə, dini qurumun ləğv olunması qaydalarını təkmilləşdirmək məqsədi daşıyır. Eyni zamanda, məhkəmə qaydasında dini qurumun ləğv olunması əsaslarını göstərən bəndlərə də həmin redaksiyada bəndin əlavə edilməsi nəzərdə tutulur.
Aparılmış araşdırmaların nəticələrinə görə gənclərin xarici ölkələrdə dini təhsil alması sahəsində ciddi uyğunsuzluqlar mövcuddur. Bu barədə bəzi fikirlər səsləndi ki, gənclər qanunsuz, yəni dini mərkəz və idarənin razılığı olmadan, hətta hansısa ölkənin xüsusi xidmət orqanlarının nəzarəti altında xarici dövlətlərə dini təhsil almağa gedirlər. Bir sıra hallarda onların təhsil müddəti məqsədli şəkildə uzadılır, bəzən 10–12 ilə çatır. Beləliklə, müəyyən dini cərəyanların artıq təmayülləri təlqin edildikdən sonra həmin gənclər Azərbaycana geri göndərilirlər. Belə olan təqdirdə bu sahəyə lazımi səviyyədə nəzarət edilməsində, gənclərin Azərbaycana qayıtdıqdan sonra işlə təmin olunmalarında, eləcə də cəmiyyət tərəfindən sağlam mütəxəssis kimi fəaliyyət göstərmələrində ciddi narahatlıqlar yaranır.
Mövcud reallığı nəzərə alaraq xarici ölkələrə dini təhsil məqsədi ilə tələbə göndərilməsi məsələlərinin tənzimlənməsi üçün, artıq burada qeyd edildiyi kimi, “müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə” sözlərinin əlavə edilməsi təklif edilir. Qanuna təklif edilmiş əlavə və dəyişikliklərin cəmiyyətimiz və dövlətimiz üçün əhəmiyyətini bir daha vurğulayaraq onu da qeyd etməliyəm ki, bu məsələyə yalnız vicdan azadlığı nöqteyi-nəzərindən baxmaq doğru deyildir. Dinlə bağlı məsələlər dövlət üçün vicdan azadlığı və mənəviyyatla yanaşı, həm də təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır. Unutmaq olmaz ki, dövlət vətəndaşlarının vicdan azadlığı ilə birgə təhlükəsizlik hüququnu da təmin edir. Qanuna əlavələr və dəyişikliklər hazırlanarkən, şübhəsiz ki, bu məqamlar da nəzərə alınmışdır.
Çıxışımın sonunda sizə hörmət və ehtiramımı bildirirəm. Əminəm ki, zəruriliyi nəzərə alınaraq “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklərin qəbul olunması ölkədə dini durumun daha da sabitləşməsinə öz töhfəsini verəcəkdir. Ona görə də hər birinizi bu qanun layihəsinə səs verməyə çağırıram.
Burada edilən çıxışlarda bir çox maraqlı təkliflər, mülahizələr oldu. Mən onlara ümumi münasibətimi bildirmədən dövlət-din məsələləri ilə bağlı xalqın dini etiqad azadlığının, islami, mənəvi dəyərlərin təmin olunması və bu sahədə dövlət siyasətinin əsassız tənqidi ilə bağlı bir-iki əsaslı fikrimi sizin nəzərinizə çatdırmaq istəyirəm. Azərbaycanda əhalinin 96 faizi özünü müsəlman sayır. Şübhəsiz, Azərbaycan islam dövləti deyil, amma islam ölkəsidir. Əhalinin 96 faizi özünü islama aid etdiyi halda heç kəsə belə bir əsas verilmir ki, Azərbaycanda islamın zəifliyi barədə mülahizələr yürütsün. Artıq deyildiyi kimi, ölkəmizdə 1757 məscid var. Bunların 1048-i fəaliyyət göstərir. Bunun da 998-i daimi, 50-si mövsümi, yəni müəyyən mərasimləri icra etmək üçün fəaliyyət göstərir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə 588 məscid tikilmişdir. Bunların çoxu ulu öndərimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi və ondan sonrakı illərdə tikilmişdir. 588 məsciddən yalnız 92-si  xarici ölkələrin inşasına məxsusdur. Qalanlarını Azərbaycan dövləti və cəmiyyəti tikib.
Burada ziyarətgahlar haqqında da çox sözlər deyildi. Bəli, ziyarətgahlar çoxdur. Ölkədə kiçikli, böyüklü 551 ziyarətgah var. Onlardan 50-yə yaxını fəaldır. Dövlət Komitəsi onların 14-nü qeydiyyata götürübdür. Burada təhsil məsələləri, ilahiyyatçıların, ümumiyyətlə, din adamlarının yetişməsi ilə əlaqədar da fikirlər səsləndi. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində bu gün 300, Bakı İslam Universitetində isə 972 tələbə təhsil alır. Azərbaycanda 144 Quran kursu fəaliyyət göstərir. Onlardan 79-u daimi fəaliyyət göstərir. Belə faktlar, şübhəsiz ki, yetərincədir. Azərbaycan dövləti artıq yalnız region üçün yox, dünya üçün nümunə olan müdrik, perspektivli dövlət siyasətini son dərəcə ardıcıllıqla aparır. Bu da dünyada bir örnək kimi qəbul olunubdur. Hamı tolerantlıqdan danışır, ancaq dini etiqad azadlığının tam təmin olunmasından, ümumiyyətlə, az söhbət gedir. Dini etiqad azadlığı təmin olunmayan ölkədə tolerantlıq haqqında danışmaq mümkün deyil. Əlbəttə, narahatlıq doğuran məqamlar var. Elə bu qanuna olunan əlavələr və dəyişikliklər də həmin boşluqların, narahatlıqların, mövcud məsələlərin aradan qaldırılmasına xidmət eləyir. Burada deyildi ki, bu sahədə islahat başlamalıdır. İslahat isə artıq xeyli vaxtdır başlayıb. Bu elə sahədir ki, islahatlar aşkarlanmır, onlar, inşallah, hörmətli millət vəkilləri qanunu qəbul eləyəndən sonra bir qədər də ritmikləşəcək, daha dinamik şəkildə həyata keçəcəkdir. Sizə bir daha təşəkkür edir, səbrinizə görə minnətdarlığımı bildirirəm.
Sədrlik edən. Rəbiyyət xanımdan xahiş edək, suallara cavab versin.
R. Aslanova. Çox sağ olun, Oqtay müəllim. Mən bu gün hər bir həmkarımın fikrinə insan hüquqlarına hörmət nöqteyi-nəzərdən yanaşaraq, cavab vermək istərdim. Hər bir kəsin burada öz fikrini ifadə etmək azadlığı var. Bunların arasında haradasa bir nigarançılıq yaşadan məqamlar da vardır ki, onlara qısaca aydınlıq gətirməyə çalışacağam. İlk növbədə Siyavuş Novruzovun fikirlərinə münasibətimi bildirim. Siyavuş Novruzov qanunu bəyəndiyini və ona səs verəcəyini söylədi, amma burada bir sıra fikirlər də dedi. Birinci, dini təhsilə, maarifləndirməyə savadlı kadrların cəlb olunması ilə əlaqədar fikirləri ilə tamamilə razıyıq. Mən də onu demişdim və deyirəm ki, doğrudan da, bu gün din xadimləri içərisində attestasiya aparılmasına ehtiyac var. Yəqin ki, gələcəkdə hər iki qurum bu məsələni gündəmə gətirəcək və beləliklə, Azərbaycan vətəndaşının təsəvvüründə “savadsız molla” ifadəsi aradan qalxacaq. Ümumiyyətlə, bizdə mollalara olan neqativ münasibətin aradan qalxmasına böyük ehtiyac var.
Mən Şeyxülislamımızın, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərinin ünvanına deyilən bir sıra fikirlərlə qətiyyən razılaşa bilmərəm. Millətin böyüklüyü öz elitasını qorumağındadır. Millət dini elita, hüquqi elita, hərbi elita ilə daim təmasdadır. Dövlət bu elitaya seçilmiş insanlar ilə güclüdür, qüdrətlidir. Ona görə bu gün bizim Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın dini elitar nümayəndələrinin cəmləşdiyi bir yerdir. İdarənin sədri Şeyxülislam Allahşükür Paşazadə isə öz nüfuzu, biliyi, bacarığı ilə təkcə Azərbaycanda deyil, həm də Qafqazda tanınır. Təsadüfi deyil ki, onun nüfuzunu istər Rusiyada, istərsə də ərəb ölkələrində qəbul edir, Şeyxə böyük hörmətlə yanaşırlar. Cəmiyyətdə din xadimlərinə qarşı bəzi neqativ münasibətlərlə razılaşmaq olmaz. Mən hörmətli həmkarlarımdan xahiş edərdim ki, biz böyük din xadimimizi heç kəslə müqayisə etməyə cəhd göstərməyək. Tarixən mövcud olan bir institutun nümayəndəsinə bu cür münasibət gələcəkdə o institutun iflasına gətirib çıxara bilər. Ona görə də bu məsələdə bir az ehtiyatlı olmaq lazımdır. Bir də ki, bəzən, bilirsiniz, həmin insanların ünvanına nöqsanlar deyən, ayrı-ayrı fikirlər söyləyənlərin özlərinin kəbinini Şeyxülislam kəsib. Ona görə bu məsələdə bir az diqqətli olmaq lazımdır.
Kolbasa məsələsi barədə sözlər deyildi. Vatikanda var, yoxdur, bu, başqa məsələdir. Əvvəla, islam dininin məğzində halallıq, haramlıq məsələsi var. İstər ərzaq, istər mənəviyyat, istərsə də başqa məsələlərlə bağlı bu ifadələr işlədilir. Bizi Türkiyə ilə müqayisə etdilər. Türkiyədə aparıblar, bizdə də dində islahat aparmaq lazımdır dedilər. 1923-cü ildə Türkiyədə sultanlıq ləğv olunub. Dövlət fəaliyyətə başlayarkən bu, islahat demək deyildi, əslində, yeni dünyəvi dövlətin formalaşması idi. “Dində islahat lazımdır” sözlərini deyən insanlar anlamalıdırlar ki, islamda bu məsələ ilə modernləşdirmə arasında ciddi fərq var. Bu gün yalnız tədqiqatçıların, ilahiyyatçıların məşğul olduğu məsələni deputatların, yəni bu sahədən o qədər də xəbəri olmayan insanların dilə gətirməsi nə dərəcədə məqbuldur?
İqbal Ağazadənin fikirlərinə də münasibətimi bildirmək istərdim. O, Azərbaycanda təriqətlərə nəzarətin gücləndirilməsini söylədi. Mən də bununla tamamilə razıyam. Ancaq gəlin görək zərərli təriqətlər Azərbaycana nə zaman gəlib? 1992-ci ildə Xalq Cəbhəsi tərəfindən qəbul olunan qanunda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda dini təbliğat aparmasına icazə verilmişdi. Məhz onun nəticəsidir ki, bu gün Azərbaycanda mövcud olan məscidlərin, mən bunu qeyd etməliyəm, 150-yi ötən əsrin 90-cı illərindən sonrakı dövrdə xarici ölkələrin respublikamızda fəaliyyət göstərən müvafiq qurumlarının vəsaiti hesabına tikilibdir. O cümlədən 62 məscidi Küveytin İslam İrsinin Dirçəlişi Cəmiyyəti, 28-ni Türkiyənin qeyri-hökumət təşkilatı olan Gəncliyə Yardım Fondu, 8-ni Türkiyə Dəyanət Vəqfi, bir neçəsini İran, Birləşmiş Ərəb Əmirlikləri, Qatar və digər ölkələr inşa ediblər. Kimin fəaliyyətinin nəticəsidir? Əlbəttə ki, sizin fəaliyyətinizin nəticəsidir, hörmətli İqbal Ağazadə.
Digər bir məsələ, deyirsiniz ki, heç bir dini mərkəz tədris müəssisəsi aça bilməz. Mən dini tədris müəssisələrinin siyahısını gətirmişəm və bunu yəqin ki, İqbal müəllimə çatdıracağam. Həmkarlarıma da bəzi statistik rəqəmləri demək istərdim. Mən islam dininə məxsus olan dini tədris müəssisələrindən danışmıram. Üzümüzü Qərbə tutaraq modernləşirik, ancaq qərbləşmirik. Bu tədris müəssisələrinin, dini mərkəzlərin yaratdığı tədris müəssisələrinin siyahısı barədə məlumatı sizə çatdırmaq istərdim. Ən böyük şəbəkə, sözsüz ki, katoliklərindir. Onların seminarları, liseyləri, teoloji universitetləri, akademiyaları var. Təkcə Romada, bütün İtaliyanı nəzərdə tutmuram, 11 papa universiteti, 9 dini akademiya, 29 seminariya, 94 kollec, 60-dan çox monax kursları fəaliyyət göstərir. Yaxud Amerika Birləşmiş Ştatlarında bir iisus cəmiyyətinin 28, Almaniyada 25 universiteti var. Nəhayət, Afrikada 1970-ci ildən bəri 30 teoloji universitet və lisey təsis edilibdir. Protestantizmdən danışılanda, bu sahədə daha da çox, yəni yüzlərcə dini seminariya, akademiya və sair vardır.
Ən maraqlı məqamlardan biri də odur ki, bizdə nəinki bu qədər universitet, heç teoloji akademiya da yoxdur. Rusiyanın sabiq prezidenti Putin dini təhsil müəssisələrinin yenidən attestasiyadan keçməsi ilə əlaqədar olaraq qanun imzaladı və dedi ki, bəli, dövlətin mənəvi saflaşması, insanların mənəvi kamilləşməsi üçün belə təhsil müəssisələri lazımdır və onlar yenidən attestasiyadan keçməlidir. Nəhayət, bir faktı da deyirəm. Vatikanın xüsusi göstərişi ilə akademiya təsis olunubdur. Bu, əvvəlkinin, yəni 1603-cü ildə yaranmış akademiyanın varisi idi. Bu akademiyada həmçinin dünyəvi elmlər – fizika, riyaziyyat, təbiətşünaslıq da tədris olunur. Bura böyük tədris müəssisəsidir. 80 nəfər alimi olan ali dini tədris müəssisəsinin otuz akademiki Nobel mükafatı laureatıdır. 1994-cü ildə ictimai elmlərlə əlaqədar digər akademiya da yaranıbdır. Həmin akademiyanın ictimai elmlər, sosiologiya və sair fakültələri var. Akademiyanın rektoru bir qadındır. Bu nə deməkdir? Bu o deməkdir ki, tədris müəssisələrinə bizdə olan münasibət lazım deyil. Dini müəssisə tədris ocağını yarada bilər. Mən bir daha təkrar edirəm, elə məqamlar var ki, onlarda dünyada olan praktikanı nəzərə almaq lazımdır.
Azərbaycan gerçəkliyinə gəldikdə, bəli, biz həmin tədris müəssisələrini saydıq. Bəs bizim bu tədris müəssisələrindən istədiyimiz nədir? Onlarda tədrisin keyfiyyəti yüksəlməlidir. Azərbaycanda dini kadrlar, mütəxəssislər istədiyimiz səviyyədə deyildir. Bəli, biz dini kadrların əleyhinəyik. O hansı cəmiyyətdir ki, yaxşı dini kadrlarının olması arzusunda olmasın? Oqtay müəllim, Siz gözəl dediniz ki, öz dinini danan insan kimdir.
Mən burada bir rəvayəti çatdırmaq istərdim. Sultan Səlimin ömrünün son saatı çatanda ətrafdakılar ona yaxınlaşıb deyirlər ki, sultan, siz dualarınızı oxuyun, onda ulu Pərvərdigara yaxınlaşarsınız. Sultan ətrafındakı cahil insanlara üzünü çöndərib deyir:
– Mən nə zaman ondan uzaqlaşmışdım ki, indi də ona yaxınlaşım?
Azərbaycan xalqı heç zaman öz dinindən uzaqlaşmayıb. Bizim bu gün qəbul edəcəyimiz əlavə və dəyişikliklər həmin o istəyin, öz dinimizin daha da saflaşması, cəmiyyətin həyatında böyük rol oynamasıdır. Avropa nəyə görə inkişaf etdi? Avropa ona görə inkişaf etdi ki, həyatın rasionallaşması ilə dinin humanistləşməsi prinsipini rəhbər tutdu. Bu baxımdan biz də bu prinsipləri rəhbər tutaraq dini fəaliyyətimizi davam etməliyik.
Digər bir məsələni Pənah bəy dedi. O, çox emosional danışıb qeyd etdi ki, burada məhdudiyyətlər var. Bizim istədiyimiz də odur ki, vaxtilə sizin buraxdığınız səhvləri aradan qaldıraq. Hər şey Azərbaycan vətəndaşı naminə, hər şey milli maraqlar naminə olmalıdır deyirsiniz. Bəli, biz də belə deyirik. Hər şeydən öncə Azərbaycanın milli təhlükəsizliyidir. Fransada da psixoloji təhlükəsizlik qorunur. İnsanların beyninin zombiləşdirilməsinə qarşı yönəlmiş qanunlar qəbul edilirsə, onu yayan insanlara hətta iki ildən beş ilə qədər cəza tətbiq olunur. Mən öz mühitimi, öz məmləkətimi niyə qorumamalıyam? Nəyə görə ayrı-ayrılıqda fəaliyyət göstərən dini icmaların fəaliyyətindəki müəyyən məqamları izləməməliyəm? Bu olduqca vacibdir və biz bunu etməliyik.
Digər bir məsələyə qayıtmaq istərdim. Siz modernizasiyadan danışdınız və dediniz ki, modernizasiya nədir. Modernizasiya inkişaf strategiyasıdır və hər bir dövlət öz milli inkişaf strategiyasını müəyyən eləməlidir. O, dilə, tarixə, milli əsaslara söykənən, milli vətənpərvərliyi təbliğ edən kosmopolitizmdən uzaq insanları gerçəkləşdirən bir dövlətin inkişaf strategiyasıdır. Mən çox təəssüf edirəm ki, siz belə məqamları nə əcəb nəzərdən qaçırmısınız.
Akademik Ramiz Mehdiyevin kitablarına istinad edirsiniz. Bir tərəfdən mənim üçün çox xoşdur ki, nəhayət ki, müxalifət belə kitabları oxuyur. Çox gözəl. Əgər bəzi yerləri oxumamısınızsa, bəzi cəhətləri görməmisinizsə, mən bura iki kitab gətirmişəm, onları sizə hədiyyə edəcəyəm. Bu kitabları verəcəyəm, diqqətlə oxuyarsınız. Xüsusilə fəlsəfə üzrə namizədlik işini müdafiə edən bir insan üçün akademikin kitabları çox sərfəli olardı. Azərbaycanda fəlsəfi fikrin inkişafında xüsusi rolu olan, Azərbaycanın milli inkişaf strategiyasının təməl prinsiplərini işləmiş bir alimə qarşı bu cür fikir söyləmək, hesab edirəm ki, həddindən artıq əsassızdır, subyektivdir.
Bilirsiniz, tarixən innovasion, yaradıcı insanlara həmişə daş atanlar çox olub. Yadınıza salın Cordano Brunonu. Cordano Brunoya qarşı çox təqiblər oldu, amma daş atanlar həyatdan silindi, Bruno isə bu gün də var və gələcəyə doğru addımlayır.
Əziz həmkarlarım! İstədiyimiz nə idi? İstədiyimiz odur ki, dini durumda bir normal vəziyyəti yaradaq. İstədiyimiz din–dövlət münasibətlərinin sivil yöndə inkişaf etməsi, qarşılıqlı münasibətlərin daha da yaxşılaşması və tolerantlıq mühitinin sivil qaydada formalaşmasıdır. Biz bunu istəyirik. Başqa mərasim qaydalarından nəticə çıxarmaq, yas mərasimləri belə oldu, elə oldu deyirsiniz. Bunların qaydaya düşməsi hər birimizdən asılıdır. Ümumi məsuliyyəti boynumuza götürməliyik. Nədənsə, kimdənsə narazıyıqsa, öz fəaliyyətimizə baxmalıyıq. Bu gün burada yas mərasimindən danışan insanlara Allah ömür versin, yasları olanda özləri də o cür keçirirlər. Toy mərasimindən danışanlar da yenə o cür keçirirlər. Biz gəlin danışmaq xatirinə danışmayaq.
Azərbaycanda dini durumun vəziyyəti beynəlxalq ekspertləri də, bizi də qane edir. Ancaq mövcud olan müəyyən məqamların dəqiqləşdirilməsini arzulayırıqsa, bunu özümüz eləməliyik. Bu heç də məhdudiyyət deyil. Əlbəttə, müxtəlif fikirlər var, mən də o fikirlərə hörmətlə yanaşıram. İnanıram ki, bu gün burada oturan hörmətli həmkarlarım Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, Azərbaycanda insan hüquqları və azadlıqlarının təmin olunması üçün görülən bütün işləri nəzərə alaraq bu qanun layihəsinə səs verəcəklər.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə səs verək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İqbal, polemika yaratmayaq da. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.57 dəq.)
Lehinə 98
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. “Dini etiqad azadlığı haqqında” Qanuna əlavələr və dəyişikliklər artıq qəbul olundu. İndi isə Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsini müzakirə edirik. Nə üçün öncəki qanunu xatırlatdım? Çünki bir sıra məqamlar məhz həmin qanundakı müddəalarla əlaqədardır.
Cinayət Məcəlləsi ilə bağlı onu qeyd etmək istəyirəm ki, hazırda bizim cinayət qanunvericiliyində dini etiqadı həyata keçirməyə mane olma kriminal əməl kimi qiymətləndirilir. Amma dini etiqad etməyə məcbur etmə nəzərə alınmayıb. Ona görə də təklif olunur ki, Cinayət Məcəlləsinə “Dini etiqad etmə” adlı 167-1-ci maddə əlavə olunsun. Bu maddənin dispozisiyasında hər hansı bir dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, habelə dini təhsil almağa məcbur etmə, şəxsi hər hansı bir dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma əməlləri qeyd edilib. Yəni bundan sonra cinayət qanunvericiliyində dini etiqad etməyə məcbur etmə də öz əksini tapacaq. Burada, təbii ki, cərimə sanksiyaları da, azadlıqdan məhrumetmə növündə cəza da nəzərdə tutulmuşdur.
İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişiklikləri isə iki hissəyə bölmək olar. Birincisi, biz İnzibati Xətalar Məcəlləsinə sanksiyalarla bağlı dəyişikliklər edirik. 196-cı və 299-cu maddələrə edilən dəyişikliklər sanksiyaların artırılmasını nəzərdə tutur. Yəni bu gün İnzibati Xətalar Məcəlləsində 15-20 manatdan söhbət gedir. Müzakirəmizə verilmiş qanun layihəsində isə müxtəlif maddələrdə sanksiyaların 200 manatdan 500 manatadək artırılması təklif olunur. Düşünürəm ki, bu bizim indiyədək İnzibati Xətalar Məcəlləsində sanksiyalarla bağlı həyata keçirdiyimiz dəyişikliklərə tam uyğundur. İkincisi, İnzibati Xətalar Məcəlləsinə “Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması” adı altında yeni bir maddənin əlavə edilməsi təklif olunur. Bu tamamilə məntiqidir. Çünki bizim İnzibati Xətalar Məcəlləsində dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyətin nəzərdə tutulmaması bu sahədə bir boşluq yaratmışdı. İndi təklif olunur ki, belə bir inzibati məsuliyyət nəzərdə tutulsun. Qeyd edim ki, burada təklif olunan sanksiyalar da bizim indi müəyyənləşdirdiyimiz sanksiyalara uyğun olaraq daha yüksək, 300-500 manat məbləğində sanksiyalardır.
Qanun layihəsinin üçüncü hissəsi – Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklərsə, sırf texniki məsələdir. Yəni 215.3.1-ci maddədə 167 rəqəmi ilə 168 rəqəmi arasında vergül işarəsi tire işarəsi ilə əvəz olunur. Bütövlükdə hesab edirəm ki, bu əlavələrin və dəyişikliklərin qəbul olunması məqsədəuyğundur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Pənah Hüseynin sualı var. Buyurun.
P. Hüseyn. Çox sağ olun, möhtərəm Sədr. Hörmətli Əli müəllim, iki məsələ var. Təəssüf ki, bunlarla bağlı suallara cavab verilmədi. Biz çıxış edərkən bu sualları qoymuşduq. Hörmətli Əli müəllim hüquqşünasdır, yəqin, bu məsələyə aydınlıq gətirər. Bu qanun layihəsində İnzibati Xətalar Məcəlləsinə 196.0.3-1-ci maddə əlavə edilir. Təbii ki, bu, əvvəlki qanunda belə olduğuna görə buraya salınıbdır. Söhbət mövcud dini ibadət yerinin yenidən qurulmasından gedir. Biz bu yaxında Mənzil Məcəlləsini qəbul etdik. Orada mənzilin yenidən qurulması anlayışı vardı. Yəni ona ehtiyac var idi ki, o məcəlləyə salınmışdı. Bəs dini ibadət yerinin yenidən qurulması anlayışı burada niyə yoxdur? Bunu kim müəyyənləşdirəcək ki, bu nə deməkdir?
İkincisi, “299.0.4. dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsi”. Mən bunu çıxışımda da demişdim, bir daha təkrar edirəm, bu hüquqi şəxslər, adətən, mənzillərdə və yaxud hansısa başqa yerdə qeydiyyatdan keçir. Amma sadəcə olaraq, fiziki cəhətdən mümkün deyil ki, onlar yalnız orada fəaliyyət göstərsinlər. İbadət var, dini bayramlar var və sair. Necə etmək olar ki, qanunun bu müddəası pozulmasın? Yəni bu nə deməkdir və niyə bura düşübdür?
Nəhayət, sonuncu məsələ. Biz indi fiziki şəxs tərəfindən dini ədəbiyyatın və dini məzmunlu başqa məlumat materiallarının idxalına qadağa qoyuruq. Amma bu necə icra olunacaq? Deyək ki, kim isə xaricdən özü üçün İslam ensiklopediyasını gətirir. Buna necə rəy alacaq? Yaxud hansısa bir elmi, mədəniyyət xarakterli, amma dini məzmunlu ədəbiyyat gətirir. Gömrük Komitəsində bunun hansı ədəbiyyata aid olduğunu kim müəyyənləşdirəcəkdir? Bütün ədəbiyyatların siyahısını tərtib etmək, sadəcə olaraq, mümkün deyil. Hörmətli professor Rəbiyyət xanım da bu məsələyə aydınlıq gətirmədi, hörmətli Hidayət müəllim isə, ümumiyyətlə, bu məsələlərə toxunmadı. Halbuki bu bilavasitə onların sahəsinə aiddir. Ona görə bir daha təkrar edirəm, istəyiriksə, bu qanun işləsin, gərək dini qadağa olmasın. Hörmətli Sədr dedi ki, Milli Məclisi guya dinə qarşı, islama qarşı alət kimi qələmə vermək istəyirlər. Bu qanun layihəsində məsələnin bu şəkildə qoyulması, sadəcə, hüquqi hiylədir. Bu terminlər qəsdən qeyri-müəyyən şəkildə yazılır ki, insanların dini azadlığına mane olsun. Belə deyilsə, hörmətli Əli müəllim bu məsələyə bir hüquqşünas kimi aydınlıq gətirsin. Biz qane olsaq, elə bir iddiamız olmaz.
Sədrlik edən. Çox sağ olun. Qane olsan da, olmasan da, sən səs verməyəcəksən, başa düşdük. Görünür, vaxtında Leninin “Bir addım irəli, iki addım geri” əsərini yaxşı oxumusan. Əli müəllim, xahiş edirəm, bir az qısaca cavab verin, çünki məsələmiz çoxdur.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Üç sual səsləndirildi. Üçüncü sual belə idi: “Ədəbiyyatın dini məzmunlu olub-olmadığını kim müəyyən edəcək?”. Bizim komitənin iclasında da bu məsələ meydana çıxmışdı. Üçüncü sual spesifik olduğundan xahiş edəcəyəm, onu Hidayət müəllim cavablandırsın. Amma birinci iki sual birbaşa bizə ünvanlanıb.
İnzibati Xətalar Məcəlləsinin 196-cı maddəsinə dini ibadət yerlərinin tikintisi və mövcud ibadət yerlərinin yenidən qurulması yeni bir anlayış kimi əlavə olunub. Dini ibadət yerinin tikilməsi və yaxud yenidən qurulması dini ibadətlə bağlı olduğuna baxmayaraq, bundan sonra artıq şəhərsalma qanunvericiliyinin tərkib hissəsi kimi öyrəniləcək. Təəssüf ki, məhz bu sahədə olan qanunvericiliyin pozulması və nəzərə alınmaması nəticəsində bəzən ibadət yerləri şəhərsalma qanunvericiliyinə zidd olaraq tikilir və nəticədə xoşagəlməz hallar meydana çıxır. Amma inzibati hüquq baxımından bu, tikilidir. Ona görə İnzibati Xətalar Məcəlləsinə 196.0.3-1-ci maddə əlavə olunur.
299.0.4-cü maddə dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsini qadağan edir. Bəlkə Hidayət müəllim bu məsələyə yenə toxunar. Əslində, bu ciddi bir məsələyə, ciddi narahatçılıq doğuran bir məsələdir. Əgər dini qurum qeydiyyatdan keçərkən hüquqi ünvanı, yəni fəaliyyətin ünvanını göstəribsə, təbii ki, nəzarət və tənzimlənmə mexanizmi baxımından bu, məhz belə həyata keçirilməlidir. Amma bu heç də o demək deyil ki, hansısa bir dini qurum ibadətdən ötrü və yaxud hansısa bayram və ya yas mərasimini həyata keçirməkdən ötrü başqa ibadət yerlərində ola bilməz. Söhbət onun nizamnamədə nəzərdə tutduğu fəaliyyətin məhz nizamnamədə qeyd edildiyi ünvanda həyata keçirilməsindən gedir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, bu məsələ barədə artıq qədərincə danışdıq. Pənah Hüseyn, Rəbiyyət xanıma sualın varsa, müəllimindir, hərdən parlamentdə uzadılmış gün olanda sualına cavab verər. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.08 dəq.)
Lehinə 95
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0  
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Keçirik növbəti məsələyə. Azərbaycan Respublikasının Tikinti Məcəlləsi. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli dəvət olunmuş şəxslər! Sizin diqqətinizə təxminən 6 aylıq bir əməyin nəticəsi olan və kifayət qədər mühüm bir sahəni tənzimləyən Tikinti Məcəlləsinin layihəsi təqdim edilmişdir. Bu layihə parlamentin əməkdaşları və komitənin üzvləri tərəfindən işlənib hazırlanmışdır.
Tikinti sahəsi müasir dövrdə milli iqtisadiyyatın ən aparıcı sahələrindən biridir. O, digər iqtisadi sahələrlə sıx əlaqədə olaraq, cəmiyyətin və məhsuldar qüvvələrin inkişaf səviyyəsini müəyyənləşdirir. Təbii ki, tikinti sahəsinin inkişafı iqtisadiyyatın ümumi vəziyyətinə müsbət təsir göstərir, bu sahəyə, eləcə də digər əlaqəli iqtisadiyyat sahələrinə yönəldilən yerli və xarici sərmayələrin həcmini artırır. Bununla yanaşı, tikinti sahəsi qabaqcıl texnologiyalar əsasında istehsalat fondlarının yeniləşməsini, müxtəlif təyinatlı tikinti obyektlərinin inşasını, təmirini, yenidən qurulmasını, bərpasını, texniki təkmilləşdirilməsini təmin etməklə, müəyyən dərəcədə sosial vəziyyətin yaxşılaşmasına, yəni yeni iş yerlərinin açılması ilə əhalinin məşğulluğu, mənzil, təchizat, infrastruktur və digər problemlərin həllinə zəmin yaratmış olur. Beləliklə, biz hamımız tikinti sektorunun, tikinti prosesinin nə qədər vacib olduğunun şahidi oluruq.
Tikintinin geniş vüsət alması, inşa edilən müxtəlif təyinatlı tikinti obyektlərinin keyfiyyətinə olan tələblər bu sahədə yaranan münasibətlərin ilk növbədə qanunla tənzimlənməsi zərurətini yaratmışdır. Bu gün tikinti sahəsinə dair normativ hüquqi baza, əsasən, keçmiş SSRİ-də qəbul edilmiş və hazırda qismən qüvvədə olan müxtəlif normativ və normativ-texniki sənədlər toplusundan ibarətdir. Amma Azərbaycan bazar iqtisadiyyatı yolunda inkişaf edir və keçid şəraitində tikinti fəaliyyətinin idarə edilməsində istifadə olunan bu sənədlər artıq müasir tələblərə cavab vermir. Tikinti fəaliyyətinin müxtəlif istiqamətlərini tənzimləmək, tikintinin müəyyən norma və qaydalara uyğun yerinə yetirilməsini, habelə tikinti üzrə normativ bazanın müasir tələblərə uyğunlaşdırılmasını təmin etmək məqsədilə tikinti fəaliyyətini nizama salan xüsusi qanunun qəbul edilməsinə ehtiyac vardır. Bu gün sizin müzakirənizə təqdim olunmuş Tikinti Məcəlləsi ilk növbədə yuxarıda qeyd olunan məsələləri özündə ehtiva edir.
Bu sahədə ciddi problemlər də mövcud olub. Bu problemlər daim cənab Prezidentin nəzarətində olub və onların həlli istiqamətində bir sıra fərman və sərəncamlar verilib. Azərbaycan Respublikası Prezidentinin Azərbaycanda tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında məlum fərmanından sonra bir sıra neqativ hallar müəyyən olunmuş, bir sıra tikinti şirkətləri tərəfindən müvafiq tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmaması, eyni zamanda, yerli və özünüidarəetmə strukturlarının bəzi nümayəndələri, dövlət məmurları tərəfindən öz vəzifə səlahiyyətlərini aşması halları vurğulanmış və bu sahədə ciddi dönüşə nail olmaq tələbi qarşıya qoyulmuşdur. Lakin problemlər, əsasən, qanunvericiliklə həll olunmalıdır. Tikinti Məcəlləsinin işlənib hazırlanması və sizə təqdim olunması da bu sahədə qanunvericilik bazasının formalaşdırılması və mövcud olan problemlərin qanunvericiliklə həll olunması cəhdlərindən biridir.
Təqdim olunan Tikinti Məcəlləsi hazırlanarkən həm MDB ölkələrinin— Rusiya Federasiyasının, Qazaxıstanın, Gürcüstanın təcrübələri öyrənilmiş, həm də Avropa ölkələrinin, xüsusilə Almaniya Federativ Respublikasının qanunvericilik təcrübəsindən geniş istifadə olunmuşdur.
İşçi qrupunda həm parlamentin, həm də müvafiq dövlət orqanlarının – Nazirlər Kabinetinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya Komitəsinin mütəxəssisləri və İnşaat Universitetinin nümayəndələri işə cəlb olunmuşlar. Fürsətdən istifadə edib, işçi qrupuna rəhbərlik etmiş Milli Məclis Aparatının rəhbəri hörmətli Səfa müəllimə və adı çəkilən bütün təşkilatların ekspert alimlərinə bir daha təşəkkürümü bildirirəm.
Tikinti Məcəlləsinin layihəsində tikinti sahəsinə dair əsas anlayışların geniş tərifi verilmiş, tikinti fəaliyyəti iştirakçılarının hüquq və vəzifələri, tikinti fəaliyyətinin əsas prinsipləri, tikinti işlərinin növləri, tikinti işlərinin aparılması qaydaları, tikinti işlərinin bütün mərhələlərində, yəni torpaq sahəsinin ayrılmasından obyektin istismara verilməsinə qədər dövlət, müəllif, texniki, daxili əməliyyat nəzarətinin aparılması və obyektlərin istismara verilməsi qaydaları müəyyənləşdirilmişdir. Qeyd olunanlarla yanaşı, məcəllədə tikinti obyektlərinin layihələşdirilməsi ilə bağlı müddəalar, tikintiyə icazənin verilməsi, tikinti obyektlərinə dair layihə-smeta sənədlərinin dövlət ekspertizasından keçirilməsi, tikinti prosesində təhlükəsizliyin təmin edilməsi qaydaları və tikinti fəaliyyəti ilə bağlı digər məsələlər öz əksini tapmışdır.
Hesab edirik ki, Tikinti Məcəlləsinin qəbul edilməsi Azərbaycanın tikinti sahəsində bütün proseslərin qanunvericiliklə, hüquqi müstəvidə tənzimlənməsinə, ən əsası isə vətəndaşların bu sahədə hüquq və azadlıqlarının təmin edilməsinə zəmin yaratmış olacaqdır.
Tikinti Məcəlləsinin layihəsi sizə paylanmışdır. Gördüyünüz kimi, layihə 15 fəsildən və 114 maddədən ibarətdir. Bunların üzərində geniş dayanmaq istəmirəm. Müzakirələr zamanı fikir mübadiləsi aparmaq bizə daha faydalı olar. Amma son olaraq bir fikri xüsusi vurğulamaq istəyirəm. Bizim üçün Tikinti Məcəlləsi hazırda Azərbaycanda həyata keçirilən inzibati islahatların bir tərkib hissəsi kimi dəyərləndirilir. Hörmətli həmkarlarımdan xahiş etmək istərdim ki, bir sıra məsələlərə, problemlərə toxunarkən Şəhərsalma Məcəlləsinin, artıq parlamentdə birinci oxunuşda qəbul olunmuş Mənzil Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun müddəalarını unutmasınlar. Çünki adı çəkilən məcəllə və qanunlar bütövlükdə inzibati islahatların tərkib hissəsidir və müəyyən mənada bir-birini tamamlayır.
Son olaraq qeyd etmək istəyirəm ki, Tikinti Məcəlləsinin əhəmiyyəti və aktuallığı hamımıza məlumdur. İnanırıq ki, bu layihə həmkarlarımız tərəfindən dəstəklənəcək və qəbul ediləcəkdir. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
müavini  B. Muradova  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Birinci oxunuşda qanun layihəsinin müzakirəsinə başlayırıq. Nəzərinizə çatdırmaq istəyirəm ki, müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri bu gün parlamentin iclasında iştirak edirlər. Mən onları buradan salamlayıram. Lazım gələrsə, onlar da bu məsələ ilə bağlı münasibətlərini bildirəcəklər.
Birinci olaraq sözü Milli Məclis Sədrinin müavini Valeh Ələsgərova verirəm. Buyurun, Valeh müəllim.
V. Ələsgərov. Təşəkkür edirəm. Konseptual olaraq əminəm ki, bu sənədi qəbul edəcəyik, ona birinci oxunuşda səs verəcəyik. Bununla bərabər, mən bir-iki məsələyə toxunmaq istəyirəm və əminəm ki, bu sənəd ikinci oxunuşa hazırlananda bunlar nəzərə alınacaqdır.
Birinci qeydim anlayışlara aiddir. Bir qısa misal gətirim. Misal üçün, 1.0.35-ci maddədə deyilir: “Sertifikat tikinti materiallarının və məmulatlarının standartlara uyğunluğunu və ya müəyyən növ tikinti işlərini yerinə yetirməli olan şəxslərin peşəkarlıq qabiliyyətini təsdiq edən sənəddir”. Maşınlar, mexanizmlər, qurğular və sair yaddan çıxıb. Baxmayaraq ki, sonradan mətndə 8.2.3-də maşınların da, mexanizmlərin də, qurğuların və texniki vasitələrin də sertifikatlaşdırılması nəzərdə tutulub. Ona görə də məncə, bu anlayışı genişləndirmək lazımdır.
İkincisi, “standart” sözü də, yəqin ki, burada izah edilməlidir. Bu da anlayışlara aiddir. Üçüncü də şəxslər. Kimlərdir bu şəxslər? Yəqin ki, bunun da anlayışı verilməlidir. Anlayışlara daha ciddi yanaşmaq lazımdır. Anlayışlar nə qədər geniş, ciddi şəkildə verilsə, sənəd konseptual baxımdan daha düzgün izah oluna və daha rahat tətbiq edilə biləcək.
İkinci məsələ. Tikinti zamanı baş verə biləcək qəzalarda xəsarət alanlara kim yardım etməlidir və necə etməlidir? Burada deyilir ki, qəza nəticəsində ətraf mühitin çirklənməsi təhlükəsi yarandıqda və ya ətraf mühit çirkləndikdə icra hakimiyyəti məlumatlandırılmalıdır. Məni məsələnin başqa tərəfi maraqlandırır. Bunun maddi yükünü kim daşıyacaqdır? Mənim fikrimcə, burada məsuliyyət və o cümlədən maddi məsuliyyət dəqiq və ciddi şəkildə göstərilməlidir. Ətraf mühitə zərər vurulubsa, bunun qarşısının alınması üçün tədbirlər görülməli, əhaliyə, əraziyə vurulan ziyanın əvəzi ödənilməlidir və sair. Layihədə bütün bu məsələlər öz əksini tapmalıdır.
Bir ciddi məsələ də sığorta ilə əlaqədardır. Tikinti sahəsi çox riskli sahədir. Mənim fikrimcə, tikinti sahəsində məcburi sığorta tətbiq olunmalıdır. Bina uçur və ya çökürsə, bu binanın sakinlərinə hökumət, dövlət yardım etməli, onları təcili harasa müvəqqəti olaraq yerləşdirməlidir. Ancaq podratçı var, sifarişçi var. Bunların məsuliyyəti nədən ibarət olmalıdır? Ona görə də, mənim fikrimcə, burada məcburi sığortalanma barədə xüsusi bir fəsil və ya maddə olmalıdır. Birinci gündən insanların sağlamlığı da, bina da, maşınlar da, binanın avadanlıqları da sığortalanmalıdır. Allah eləməsin, bir şey baş versə, bütün tədbirlər sığortalanmanın hesabına görülməlidir. Bugünkü cəmiyyətimizdə bu daha düzgün olardı. Məncə, fərdi tikililər də sığortalanmalıdır. Deyək ki, fərdin evi yanır, səbəbi məlum deyil, hamı qaçır icra başçısının yanına. İcra hakimiyyəti hansınasa kömək etdi, amma bu adam evini vaxtında sığortalasaydı, onu yenidən tikmək, bərpa etmək və ya təmir etmək üçün yəqin ki, bir imkan tapardı. Ona görə də bu məsələyə çox ciddi diqqət yetirilməlidir. Bu qanun layihəsində sığortalanma məsələsi geniş şəkildə öz əksini tapmalıdır.
Bir konseptual məsələyə də toxunmaq istəyirəm. O da şəxsi hissiyyatımla bağlı məsələdir. “Vizual müəyyənlik” ifadəsini görəndə elə bilirəm, – üzr istəyirəm, – əcdadlarıma söyürlər. Məgər “vizual” sözü çıxana qədər gözümüz yox idi, görmək qabiliyyətimiz yox idi, zahirən müəyyən etmək qabiliyyətimiz yox idi? Hər şeyin təhəri var. Telefon, televizor, kompüter kimi sözləri qəbul edirik. Bunları biz icad etməmişik. Bəs “vizual” sözünü niyə qəbul etməliyik? Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Hesab edirəm ki, Sizin konseptual səpkidə verdiyiniz təkliflər işçi qrupu tərəfindən nəzərə alınacaq. Onu da deyim ki, bunlar qanuna əhəmiyyətli təsir göstərəcək təkliflərdir. Növbəti çıxış üçün söz Tahir Rzayevindir.
T. Rzayev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Tikinti Məcəlləsini mən əhəmiyyətli bir sənəd hesab edirəm. Ölkəmizdə tikinti, abadlıq işlərinin geniş vüsət aldığı indiki dövrdə belə bir qanunun müzakirəyə çıxarılması çox vacibdir. Layihədə əksini tapan müddəalar, qarşıya qoyulan vəzifələr qanunvericilik baxımından əhəmiyyətli olduğu kimi, həm də tikinti təsərrüfatında baş verən bir çox xoşagəlməz halların, süründürməçiliyin, özbaşınalığın, saxtakarlığın, səhlənkarlığın aradan qaldırılması, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış təminatının ödənilməsi, eləcə də insanların rahatlığının təmin edilməsi baxımından əhəmiyyətlidir.
Belə bir məcəllənin müzakirə edilməsi Azərbaycan vətəndaşlarının hər birinin ürəyindəndir. Çünki hər bir insanın mənzilə, özü də rahat, təhlükəsiz, müasir mənzilə, əlverişli yaşayış mühitinə ehtiyacı vardır. Son illər Azərbaycanda tikinti işlərinin genişləndirilməsi, ölkəmizin sosial-iqtisadi inkişafı bizi sevindirsə də, bir çox tikinti obyektlərində baş verən hadisələr, binaların çökməsi, standartlara uyğun tikilməməsi, tikintilərin vaxtında istifadəyə verilməməsi narahat edir. Belə bir qanunun qəbul edilməsi əhalinin narahatçılığının aradan qaldırılmasına, tikinti sahəsində bir çox problemlərin həllinə imkan verəcəkdir.
Qanun layihəsi genişdir, əhatəlidir, yaxşı hazırlanıb. Birinci oxunuşun tələblərinə cavab verir. Ancaq layihənin təkmilləşdirilməsi, əsasnamə xarakterli bəzi maddələrin, təkrar ifadələrin bu layihədən çıxarılması, maddələrin yığcam hala salınması zəruridir. Fikrimi əsaslandırmaq istərdim. Qanunun “Əsas anlayışlar” adlı 1-ci maddəsində əksini tapan bir çox ifadələr var ki, onların hər biri bizə aydındır. Təbii ki, insanlar üçün aydın olmayan ifadələrin bu maddədə öz əksini tapması daha yaxşı olardı.
Layihədə tikinti fəaliyyəti sahəsində yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin müəyyən edilməsi və onların rolunun qiymətləndirilməsi müsbət haldır. Tikinti üçün bələdiyyə ərazilərində torpaq sahələrinin ayrılması, tikintiyə nəzarətin həyata keçirilməsi, məlumatlar sisteminin yaradılması, yerli əhəmiyyətli məskunlaşma layihələrinin təsdiq edilməsi və digər vacib məsələlərin həllində bələdiyyələrə imkanlar verilməsi yerli özünüidarəetmə orqanlarının fəallaşması üçün bir stimuldur. Ancaq tikintinin geniş miqyas aldığı iri şəhərlərdə hələ də bələdiyyə ərazilərinin və torpaqlarının dəqiq müəyyən edilməməsi, mülkiyyətin öz sahiblərinə – bələdiyyələrə təhvil verilməməsi bu qanunun icrasına gələcəkdə ciddi maneələr yaradacaq. Ona görə də Bakı və Gəncə kimi iri şəhərlərdə tez bir zamanda bələdiyyə torpaqlarının qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşdirilib öz mülkiyyətçilərinə verilməsi çox vacibdir.
Qanunda şaxtaların, mədənlərin ətrafında, çökmə və sürüşmə, su basma, qar uçqunu təhlükəsi olan ərazilərdə tikinti obyektlərinin inşasına yol verilməməsi təbiidir. Bu sıraya yüksək gərginlikli elektrik xətlərinin altı, qaz, su xətlərinin üzəri, magistral yollara, uçuş meydançalarına, idman-sağlamlıq zonalarına çox yaxın ərazilər də daxil edilməlidir.
Qanunda bina və qurğuların sökülməsi ilə əlaqədar olan maddələr əhəmiyyətli olduğu qədər də düşündürücüdür. Bu maddələrdə təsdiq edilmiş şəhərsalma sənədlərinə uyğun gəlməyən, tikintisi insanların həyat və sağlamlığına təhlükə törədən, ekoloji təhlükəsizlik tələblərinə cavab verməyən tikinti obyektlərinin sökülməsi nəzərdə tutulur.
Hamımıza məlumdur ki, son illər iri şəhərlərdə tikilən binaların, eləcə də fərdi yaşayış evlərinin bir çoxu şəhərsalmanın tələblərinə cavab vermir. Bu binalar tikilərkən infrastruktur gözlənilməmiş, ərazidə məktəb, bağça, idman, ictimai iaşə obyektlərinin tikintisi unudulmuş, insanların rahatlığı, istirahəti üçün lazım olan tələblər pozulmuşdur. Qanunun tələblərini nəzərə alsaq, belə binaların əksəriyyəti sökülməlidir. Bu isə reallıqdan uzaqdır. Gələcəkdə ciddi problemlər və narahatçılıqlar yarada bilər. Ona görə də bu maddələrin daha əsaslı surətdə işlənməsinə ehtiyac vardır.
Sözsüz ki, ikinci oxunuşda Tikinti Məcəlləsini daha ətraflı təhlil etmək imkanımız olacaq. Mən bu sənədi çox əhəmiyyətli hesab edir və onu müzakirəyə çıxaran insanlara öz minnətdarlığımı bildirirəm. Əminəm ki, mənim kimi, həmkarlarım da bu qanunun lehinə səs verəcəklər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elton Məmmədov.
E. Məmmədov. Təşəkkür edirəm. Hörmətli Bahar xanım, hörmətli deputat həmkarlarım, hörmətli dəvət olunan qonaqlar! Son illər ölkə iqtisadiyyatının digər sahələri kimi, tikinti sektoru da sürətlə inkişaf edir. Yeni sənaye müəssisələri yaradılır, mənzil tikintisi özünün yüksəliş dövrünü yaşayır, infrastruktur obyektləri yenidən qurulur, yollar salınır, su kəmərləri, qaz, elektrik xətləri çəkilir, məktəblər, səhiyyə müəssisələri, idman qurğuları tikilir. Əgər 2000-ci ildə ölkə üzrə əsas kapitala yönəldilən investisiyalar 970 milyon manat təşkil edirdisə, 2008-ci ilin yekununa görə bu iqtisadi göstərici 900 milyard manatdan çox olmuşdur. Son illər ümumi daxili məhsul həcmində tikinti sektorunun payı 8-9 faiz təşkil edir. Bu, tikinti kompleksinə dövlətimizin diqqətinin göstəricisidir.
Bu gün müzakirəyə çıxarılan Tikinti Məcəlləsinin layihəsi Azərbaycanın mülki və inzibati sahələrinin yeniləşməsində və təkmilləşdirilməsində mühüm qanunvericilik aktlarından biridir. Məlum olduğu kimi, qanunvericiliyimizin bu sahəsi 1970–1980-ci illərdə qəbul olunmuş normativ aktlarla tənzimlənir. İqtisadiyyatın mühüm sahəsi olan tikinti fəaliyyətinin Avropa standartlarına cavab verən qanunla tənzimlənməsi günümüzün tələbidir.
Məcəllə layihəsinin mətnindən göründüyü kimi, sənəd çox mükəmməl şəkildə hazırlanmışdır. Qeyd edilməlidir ki, hörmətli Səfa müəllimin rəhbərliyi altında layihəni hazırlayan işçi qrup böyük əmək sərf etmişdir. Sənəd tikinti fəaliyyəti sahəsində hüquqi tənzimlənmənin bütün məsələlərini əhatə edir. Çox yaxşı haldır ki, sənədin hazırlanması zamanı Avropa ölkələrinin, keçid dövrü dövlətlərinin bu sahədəki təcrübəsi öyrənilmiş, onların qanunvericilik aktlarından istifadə olunmuşdur. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, İqtisadi siyasət və Sosial siyasət komitələri bu sənədin hazırlanmasına öz töhfələrini vermişlər.
Məcəllə layihəsinin ümumi müddəaları, xüsusilə “Əsas anlayışlar” maddəsi mükəmməl işlənmişdir. Belə müsbət fikirləri “Tikinti fəaliyyətinin iştirakçıları, onların hüquq və vəzifələri. Tikinti işləri barədə ictimaiyyətin məlumatlandırılması” fəslində verilən maddələr barədə də söyləmək olar. Burada ən önəmli yanaşmalardan biri inşası aparılan obyektlərlə bağlı əsas göstəricilərin ictimaiyyətə çatdırılmasıdır. Məcəllədə tikinti işlərinin hazırlanmasına, tikintiyə icazənin verilməsinə dair müddəalar tikinti fəaliyyəti zamanı inzibati tənzimləmənin əsas məqamlarını əhatə edir. Burada vacib maddələrdən biri başlanmasına icazə tələb olunan tikinti obyekti üçün konkret normaların məcəllə ilə müəyyən edilməsidir. Digər mühüm məqam tikinti işlərinin başlanmasına icazə verən dövlət orqanının öhdəliyi kimi hüquqi tənzimlənmənin müəyyən edilməsidir.
Məcəllə layihəsinin diqqət çəkən məqamlarından biri tikinti obyektinin istismara qəbul edilməsi qaydalarının əsas prinsiplərinin və şərtlərinin anlaşıqlı şəkildə verilməsidir. Burada istismara qəbul edilən tikinti obyektlərinə dair tələblər, onları istismara qəbul edən orqanların statusu, fəaliyyət dairəsi, qərar qəbul edən qurumun tərkibinin formalaşması, səlahiyyətləri, istismara qəbul zamanı tələb olunan sənədlər və onların rəsmiləşdirilməsi qaydaları öz əksini tapmışdır.
Söylənilənlərlə yanaşı, qeyd etmək istərdim ki, məcəllənin ikinci oxunuşa hazırlanması zamanı bir çox maddələrin və müddəaların işlənməsinə ehtiyac olacaq. Məsələn, “Tikinti qanunvericiliyinin təyinatı” maddəsinin mətnində dəqiqləşdirmə aparılmalı, tikinti fəaliyyəti ilə bağlı məqamlar saxlanılmalı, ətraf mühit ilə bağlı müddəalar çıxarılmalıdır.
Ən vacib məsələlərdən biri son dövrlər iqtisadiyyatın müxtəlif sahələrinə tətbiq edilən bir pəncərə prinsipinin tikinti fəaliyyəti sahəsinə tətbiqinin reallaşdırılmasıdır. Yaxşı olardı ki, məcəllə ikinci oxunuşa hazırlanan zaman onun müvafiq maddəsinə bu prinsiplə bağlı müddəa əlavə edilsin.
Məcəllə layihəsi baxılan sahənin hüquqi tənzimlənməsinin bütün tərəflərini əhatə edir. Sənəd konseptual baxımdan birinci oxunuşun tələblərinə cavab verir. Müəyyən müzakirədən sonra layihənin qəbul olunmasını təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Çıxış edənlər çoxdur. Əgər etiraz etmirsinizsə, 5 dəqiqəyə keçək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda 5 dəqiqəyə keçək. Əli Məsimli buyursun.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Azərbaycan neft bumu ilə yanaşı tikinti bumu yaşayır. Tikintinin əvvəldən axıra qədər bütün mərhələlərinin hüquqi müstəvidə həll olunmasına böyük ehtiyac var. O nöqteyi-nəzərdən hesab edirəm ki, bu məcəllə irəliyə doğru çox mühüm addımdır. Tikinti Məcəlləsinin konsepsiyası kifayət qədər düzgün qurulub. Ona görə də həmkarlarımı bu məcəllənin birinci oxunuşda qəbul edilməsinə səs verməyə çağırıram. Eyni zamanda, hesab edirəm ki, tikinti ilə bağlı bir sıra problemlərin həlli istiqamətində vacib məqamların bu məcəllədə nəzərə alınması yerinə düşərdi. Bunları konkret surətdə nəzərə çatdırmaq istərdim.
Tikinti Məcəlləsinin “Tikinti fəaliyyətində əhalinin iştirakı” adlı 27-ci maddəsində dövlət, ictimai və özəl maraqlar məsələsi qoyulub. Bu çox vacibdir. Ona görə də hesab edirəm ki, burada vətəndaşların maraqlarını daha geniş şəkildə əhatə etməkdən ötrü birinci oxunuşdan sonra bu məcəllənin ictimai müzakirəyə verilməsi çox yerinə düşərdi. Milli Məclisin saytında bu öz əksini tapıb. Bir variant kimi geniş müzakirə də əhəmiyyətli olardı.
İkinci, geniş tikinti işləri başlayandan sonra Azərbaycan ərazisində olan yaşıllıqların 30 faizə qədəri qırılıb. Ona görə də tikinti ilə bağlı yaşıllıqların qırılmasının qarşısının alınması üçün bir sıra inzibati məqamlar bu məcəllədə öz əksini tapmalıdır. Tikinti Məcəlləsinin 6-cı və 7-ci maddələrini bir qədər gücləndirməklə, məcəlləyə həm tarixi, həm mədəni, həm də ekoloji nöqteyi-nəzərdən qorunması vacib olan yerlərdə tikintiyə icazə verilməməsi barədə maddə daxil etməklə biz gələcəkdə də meydana çıxa biləcək bu cür problemlərin qarşısını almaq istiqamətində ciddi addım ata bilərik.
Azərbaycan üçün aktual olan məsələlərdən biri də ondan ibarətdir ki, tikinti həyata keçirilən zaman ona kompleks yanaşılmır. Mən tikintiyə kompleks yanaşılmasını təklif edirəm. Burada hansısa bir divarın 2 metr 20 santimetr olması göstərilirsə, onda niyə göstərilməməlidir ki, tikinti üçün ayrılan sahə tikiləcək binanın sahəsindən ən azı 2,5-3 dəfə çox olmalıdır. Niyə göstərilməməlidir ki, iki yanaşı bina arasında məsafə daha hündür binanın hündürlüyündən 1,5 dəfə çox olmalıdır. Bu məqamların məcəllədə öz əksini tapması bu sahədə problemli cəhətləri xeyli dərəcədə aradan qaldırar.
Podratçı ilə bağlı qeyd etmək istərdim ki, tikinti ilə məşğul olan təşkilatların, şirkətlərin çoxu məhdud məsuliyyətli müəssisə olduqlarına görə burada bir problem olanda həmin problemin həlli mümkün olmur. Ona görə də burada Valeh müəllimin qaldırdığı məsələni aktual hesab edirəm. Mütləq sığorta məsələsinə kompleks yanaşılmalı, bütün tikinti sığorta olunmalıdır ki, 2 il bundan əvvəl baş vermiş hadisədəki kimi heç kim günahı bir-birinin üstünə atmasın.
Yeni binalarla bağlı problemlər də çoxdur. Bir sıra ölkələrdə yeni binaların sakinlərinin hüquqlarının qorunmasına dair qanun var. Bizdə qanun olmasa da, yeni binalarla bağlı əlavə problemlər çıxmasın deyə Tikinti Məcəlləsinə, heç olmasa, hüquqların balanslaşdırılması istiqamətində bir maddənin salınması vacibdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Baba Tağıyev.
B. Tağıyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Müzakirə olunan Mənzil Məcəlləsinin layihəsi çox önəmli və vacib qanun layihəsidir. Hörmətli millət vəkillərinin fikirləri ilə şərikəm. Valeh müəllim Ələsgərovun söylədiyi fikirləri dəstəkləyərək bir təklif vermək istəyirəm. Bu məcəllədə tikinti obyektlərinin üçüncü şəxslər qarşısında məsuliyyətinin məcburi sığortalanmasının müəyyən edilməsini təklif edirəm. Üçüncü şəxs kimi əhali, ayrı-ayrı insanlar, dövlət və təbiət, ətraf mühit də çıxış edə bilər.
Layihənin 5-ci və 6-cı maddələri əhalinin, ərazilərin, yaşayış məntəqələrinin təhlükəsizliyini, eləcə də ekoloji təhlükəsizliyi nəzərdə tutur. Lakin sual yaranır: tikinti fəaliyyəti nəticəsində əhalinin sağlamlığına, əmlakına, ekologiyaya ziyan vurularsa, bu halda nəticələrin aradan qaldırılması üçün hansı maliyyə təminatları vardır?
Layihənin 44-cü maddəsi potensial təhlükəli tikinti obyektləri ilə bağlıdır. Belə tikinti obyektlərinin potensial təhlükələrindən üçüncü şəxslər necə sığortalanırlar? Bu təminat məcəllə layihəsində nəzərdə tutulmayıb. Mən təklif edirəm ki, Tikinti Məcəlləsində tikinti fəaliyyəti ilə əlaqədar üçüncü şəxslərə vurula bilən ziyanların ödənilməsinin təminatı kimi tikinti obyektlərinin məsuliyyət sığortası nəzərdə tutulsun.
Layihənin 35-ci maddəsində göstərilir ki, obyekt icazəsiz olaraq özbaşına tutulan torpaq sahəsində inşa edildikdə və sair hallarda qərar əsasında sökülə bilər. Bu məsələ tam açıqlanmır. Sökülmə qərarını kim və hansı orqan verir? Məsələn, Mülki Məcəllənin 180-ci maddəsində göstərilir ki, özbaşına tikinti, yəni icazə alınmadan, tikinti normaları və ya qaydalarını pozmaqla aparılan tikinti müvafiq icra hakimiyyəti orqanının və ya maraqlı şəxsin müraciəti əsasında məhkəmənin qərarı ilə sökülə bilər. Mülki Məcəllə belə yazır və hətta bu fikir Mülki Məcəlləyə yeni daxil edilib. Amma Tikinti Məcəlləsində həmin qərarın hansı orqan tərəfindən verildiyi açıqlanmır. Hər iki məcəllədəki maddələr eyni məsələyə, yəni icazəsiz aparılan, pozuntularla müşayiət olunan, lazımi tələblərə cavab verməyən tikintilərə həsr olunur. Lakin sökülmə, yəni demontaj mexanizmi tam açıqlanmayıb. Təklif edirəm ki, hər iki maddə dolğun şəkildə yenidən işlənsin və uyğunlaşdırılsın.
Bu məcəllədə özbaşına tikintilər barədə konkret heç bir fikir yoxdur. Özbaşına çoxlu mənzillər, evlər tikilir, hətta küçələr salınır, infrastruktur yaradılır. İnsanlar su pulu, qaz pulu, işıq pulu ödəyir, yaşayırlar. Lakin bu problemli yaşayışdır. Bunların taleyi necə olacaq? Mən təklif edirəm ki, bu məsələ də məcəlləyə salınsın. Mən bu qanun layihəsinə səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Yəqin cavab veriləcək. Bizdə həm Tikinti Məcəlləsinin, həm də Şəhərsalma Məcəlləsinin layihələri üzərində iş gedir. Sizin dediyiniz məsələlərin bəziləri Şəhərsalma Məcəlləsində də var. Ona görə ikisinə də baxmaq lazımdır. Aydın Həsənov.
A. Həsənov. Ölkəmizdə ardıcıl davam edən sosial-iqtisadi inkişafın təzahürü olaraq qanunvericilik bazasının təkmilləşdirilməsinə, yeni qanunların, məcəllələrin hazırlanmasına zərurət var. Tikinti sahəsində nizam-intizamın, müəyyən qaydaların yaradılması xüsusilə vacibdir. Bu baxımdan mən müzakirəmizə təqdim olunmuş Tikinti Məcəlləsinin hazırlanmasını yüksək qiymətləndirirəm. Bu layihə inzibati münasibətlər çərçivəsində hazırlanan sənəddir. Məcəllə tikinti sahəsində inzibati münasibətləri, yəni vətəndaşlar və dövlət arasındakı münasibətləri tənzimləyəcək, tikinti sektorunda intizam yaradacaq. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ərsəyə gətirdiyi Tikinti Məcəlləsinin hazırlanmasında MDB və Avropa ölkələrinin, xüsusilə də Almaniyanın bu sahədə təcrübəsindən istifadə olunub.
Qeyd etmək lazımdır ki, bundan əvvəl Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının dövlət tikinti normativ sənədlər sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planını təsdiq etmişdir. Bu tədbirlər planı ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında tikinti sahəsinə dövlət nəzarətinin gücləndirilməsi haqqında 2007-ci il 30 avqust tarixli 624 nömrəli fərmanına əsasən hazırlanıb. Tədbirlər planında Tikinti Məcəlləsinin hazırlanması, tikinti-normativ sənədlər sisteminin yeniləşdirilməsi və təkmilləşdirilməsi üzrə müvafiq proqram layihəsinin hazırlanması, habelə dövlət tikinti-normativ sənədlərinin həmin proqram çərçivəsində təhlil edilərək yeniləşdirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, seysmoloji təhlükəsizlik üzrə proqram layihəsinin hazırlanması, zəlzələ riski ilə bağlı seysmik təhlükənin və zərərin azaldılması, həmçinin effektiv, konstruktiv təhlillərin hazırlanması ilə bina və qurğuların möhkəmliyi və uzunömürlülüyünün təmin edilməsi üzrə elmi tədqiqatların aparılması planlaşdırılır. Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, səhiyyə, təhsil, iqtisadi inkişaf, kənd təsərrüfatı, nəqliyyat nazirlikləri və digər dövlət strukturlarının birgə həyata keçirəcəyi tədbirlər bütünlüklə Tikinti Məcəlləsinin hazırlanmasına hesablanmışdır.
Bu gün Tikinti Məcəlləsi artıq müzakirəmizə təqdim olunub. Hesab edirəm ki, 114 maddədən ibarət olan məcəllənin layihəsi mükəmməl hazırlanıb və bu sənəd tikinti-quraşdırma işləri sahəsində nizam-intizamın yaradılmasını təmin edəcəkdir. Məlumdur ki, son illər xüsusilə paytaxt Bakıda normativlərə cavab verməyən, texniki təhlükəsizlik qaydaları təmin olunmayan xeyli plansız inşaat işləri həyata keçirilib. Bu əsaslandırılmamış tikinti işləri bəzi hallarda faciələrlə nəticələnib. Biz 2007-ci ildə belə bir faciə ilə üzləşdik. Bu baxımdan mən Tikinti Məcəlləsini həm də sosial sifariş hesab edirəm. Əminəm ki, müzakirəyə çıxardığımız məcəllə cəmiyyətin gözləntilərini doğruldacaq və qarşıya qoyulmuş məqsədə nail olunmasını təmin edəcək. İnanıram ki, şəhərin mərkəzi küçələrində böyük zəhmət hesabına salınmış asfalt örtüklərin beton daşıyan maşınlar tərəfindən dağıdılmasının da qarşısı alınacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Hörmətli deputatlar və dəvət olunan qonaqlar! Bu gün bizim müzakirəmizə verilən Tikinti Məcəlləsi, əlbəttə, çox böyük zəhmətin, diqqətin və böyük məsuliyyətin nəticəsidir. Bu məcəllə tikinti sektorunda fəaliyyətin tənzimlənməsinə, sifarişçilərlə icraçılar arasında münasibətlərin düzgün qurulmasına, ümumiyyətlə, tikinti sahəsində hüquqi bazanın yaradılmasına xidmət edir.
Əlbəttə, bu layihə hələ bizim istədiyimiz qədər dolğun və mükəmməl deyil. Bunu burada məndən əvvəl bizim hörmətli deputatlar da öz çıxışlarında göstərdilər. Lakin bir həqiqət də var ki, bu layihə bizə birinci oxunuşda təqdim olunub. Biz bunu birinci oxunuşda müzakirə edirik. Sonrakı oxunuşlarda bu sənəd maddə-maddə, fəsil-fəsil nəzərdən keçiriləcək, bizim qeyd, irad və təkliflərimiz nəzərə alınacaq, layihə təkmilləşdiriləcəkdir. Ona görə mən indi sonrakı oxunuşlara aid olan qüsurları deməyə ehtiyac görmürəm və hesab edirəm ki, konseptual baxımdan birinci oxunuşun tələblərinə cavab verən bu məcəlləni səsə qoymaq olar və həmkarlarım da bu layihənin birinci oxunuşda qəbul edilməsinin tərəfdarı olarlar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev. Xahiş edirəm, hər çıxışın axırında qanun layihəsinə konseptual cəhətdən münasibət bildirin.
A. Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, bu Tikinti Məcəlləsi tikinti sahəsinə aid qanunvericilikdə mövcud olan boşluqları aradan qaldıracaqdır. 15 fəsil, 114 maddədən ibarət olan bu qanun layihəsində tikinti sahəsinə aid bütün məsələlər öz həllini tapmışdır. Mən bu məcəlləyə səs verəcəyəm və deputat həmkarlarımı da bunu etməyə çağırıram.
Bununla bərabər, mən bəzi qeydlərimi səsləndirmək istərdim. Əsas anlayışlarda, mənim fikrimcə, uyğunsuzluq var. Məsələn, yükdaşıyan konstruksiyalar. Mən buna yükdaşıyan yox, yükgötürən konstruksiyalar deyərdim. Çünki rusca ona nesuşii konstruksii deyirlər. Mühəndis axtarışı, mənim fikrimcə, mühəndis axtarış işləri olmalıdır. “Ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi” adlı 6-cı maddədə tikinti materiallarının özlərinin ekoloji vəziyyətinin necə olması da nəzərə alınmalıdır.
“Tikinti obyektlərinin tikintisinə dair tələblər” adlı 16-cı maddədə tikinti obyektlərinə dair mühəndis tələbləri verilib. Məlumdur ki, mühəndis tələblərindən biri də binanın özülünün müəyyən dərinliyə qədər qazılmasıdır. Sıfır izotermi deyilən bir anlayış var. Yəni ondan aşağı süxur donmur. Deməli, özül də o dərinlikdə olmalıdır. Bax, mənə elə gəlir ki, burada bu fikir də olsa, daha yaxşı olar. Bilirsiniz ki, süxurun tərkibində nəmlik var, havanın temperaturu sıfır dərəcədən aşağı düşdükdə orada nəmliyin təxminən 10 faiz genişlənməsi istənilən binanı dağıtmağa malik bir qüvvəyə çevrilir.
16-cı maddədə istilik təchizatı, ventilyasiya, işıqlandırma ilə bağlı tələblər də var. Burada həm təbii, həm də süni işıqlandırma nəzərdə tutulur. Bu yaxşıdır, amma təəssüflər olsun ki, bu gün binalar tikilərkən bəzən təbii işıqlandırmaya lazımi diqqət yetirilmir.
Əlbəttə, mən ikinci oxunuşda bu qanun layihəsi ilə bağlı fikirlərimi daha geniş şəkildə çatdırmağa çalışacağam. Bu gün isə, məncə, bu məcəlləni birinci oxunuşda qəbul etmək olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Ümumiyyətlə, Səfa müəllim başda olmaqla bu layihəni hazırlamış bütün işçi qrupunun üzvlərinə mən öz minnətdarlığımı bildirirəm. Çox mükəmməl bir sənəd hazırlayıblar. Mən komitənin iclasında da bəzi təkliflər vermişdim. İndi bu plenar iclasda da bəzi məsələlərə diqqət yönəltmək istəyirəm.
Birincisi, ən ağrılı məsələ odur ki, layihə-smeta sənədlərində tikintinin aparılması üçün bəzən, tutaq ki, 2-3 il vaxt nəzərdə tutulursa, tikinti 5 il, 10 il davam edir. Bu, həm oradan mənzil alan insanların əsəblərini korlayır, onlara məhrumiyyətlər yaradır, həm də ətrafda yaşayan insanlar bundan əziyyət çəkirlər. Ona görə də burada tikintiyə icazə verilməsi məsələsində mütləq nəzərdə tutulmalıdır ki, müvafiq bank tərəfindən o tikintinin maliyyələşdirilməsinə dair zəmanət məktubu olmalıdır. Valeh müəllimin təklifini müdafiə edirəm. Məncə də, tikintinin aparılması üçün icazə alınmazdan öncə sığorta şirkəti ilə müqavilə bağlanmalı və ondan sonra tikintiyə icazə verən orqan ona o tikintinin başlanmasına icazə verməlidir.
Keçən dəfə mən komitənin iclasında müddətlərlə bağlı məsələlərin bu məcəlləyə daxil olunmasını təklif etsəm də, hörmətli Səfa müəllim dedi ki, “İnzibati icraat haqqında” Qanunda bununla bağlı müddəalar olduğu üçün onları təkrarən bura daxil etməyə ehtiyac yoxdur. Amma mən hesab edirəm ki, bu, məcəllə olduğu üçün burada bir pəncərə prinsipini də qeyd etmək, tikinti işlərinin hansı müddət ərzində davam etdirildiyini də göstərmək lazımdır.
Binanın istismara qəbulu ilə bağlı məsələdə də konkret müddət müəyyən olunmalıdır. Burada deyilir ki, tikintini aparan şirkət layihə-smeta sənədlərində nəzərdə tutulan müddət başa çatandan sonra onun istismara qəbuluna dair sənədləri bir həftə ərzində müvafiq komissiyaya təqdim edir. Lakin məncə, burada o da göstərilməlidir ki, komissiya binanı istismara hansı müddətdə qəbul edir və ya bundan imtina edir. Bəzən insanlar yeni tikilmiş binada 3 il, 4 il, 5 il yaşayırlar. Amma o bina hələ də istismara qəbul olunmur, binaya qaz, elektrik enerjisi verilmir. İnsanlar bundan çox əziyyət çəkirlər.
Məncə, burada sanksiyalar da nəzərdə tutulmalıdır. Mən dünən axşam televiziyada bir verilişi izləyirdim. Los-Anceles şəhərində tikintisi yarımçıq qalmış binaları onları tikən şirkətlərin özünə sökdürürdülər ki, sən tikintini artıq tamamlayıb başa çatdırmalı, ya da onu söküb yerini əvvəlki vəziyyətinə qaytarmalısan. Hesab edirəm, bu məcəllədə sanksiyalar nəzərdə tutulmalıdır ki, tikinti aparan təşkilatlar müəyyənləşdirilmiş müddətlərə əməl etməyəndə onlara qarşı o sanksiyalar tətbiq oluna bilsin. Ümumiyyətlə, mən bu layihəni konseptual baxımdan qəbul edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Bir fikrə münasibətimi bildirmək istərdim. Valeh müəllim sığorta ilə bağlı təklif verdi. Sığorta da bir zəmanətdir, buna sözüm yox. Amma müddətlə bağlı zəmanəti ilk növbədə müqavilə verir. Bütün ölkələrdə ev tikənlə ev alan arasında qarşılıqlı müqavilə bağlanır. Şərtlər orada yazılır. Yəni burada müqavilə də var, sığorta da ola bilər. Amma bunların qanuna yazılmasına, məncə, elə bir ehtiyac yoxdur. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun, hörmətli Sədr. Mənim çıxışım qısa olacaq. İşin axırıdır, vaxt almaq istəmirəm. Doğrudan da, bu çox yaxşı hazırlanmış məcəllədir. Elə bilirəm ki, bu qanun tikinti sahəsində olan bütün boşluqları dolduracaq. Ancaq burada mənim nəzərimi bir maddə cəlb elədi – maddə 36. Fərdi tikinti. Elxan müəllim buradadır, mütəxəssis kimi onu yaxşı tanıdığıma görə müraciət edirəm. 36.3-də belə bir məsələ var: “Aşağıdakı fərdi tikinti obyektlərinin inşası üçün yalnız layihənin memarlıq hissəsinin razılaşdırılması tələb olunur”. İndi görün 36.3.1 nə deyir: “mərtəbələrin sayı 3-dən və hündürlüyü 12 metrdən artıq olmayan fərdi yaşayış evləri, köməkçi məişət tikililəri və mühəndis sistemləri”. Yaxşı, indi deyək ki, mərtəbələrin sayı 3 olmadı, 4 oldu və yaxud hündürlüyü 12 olmadı, 15 oldu. Onda belə çıxır ki, memarlıqda razılaşdırılmayacaq? Yəni bax bunları çərçivəyə salmısınız. Mənim fikrim ondan ibarətdir ki, bunlara diqqət eləmək lazımdır. Burada, misal üçün, həcmi 60 kubmetr, dərinliyi 3 metr, sahəsi 30 kvadratmetr kimi ifadələr var.
36.4-də də belə bir hədd qoyulub: “sahəsi 70 kvadratmetrə, hündürlüyü 5 metrə qədər olan kənd təsərrüfatı obyektləri”. Tutaq ki, bir fermer öz sahəsində bir talvar tikəcək, deyəcəksən, onun hündürlüyü 5 metrdən yuxarı olmasın? Lap 8 metr edəcək, kombaynı yerləşdirmək üçün və yaxud 70 kvadrat olmayacaq, olacaq 200 kvadrat. Memarlıqda razılaşmayacaqlarsa, onda onlar lap on mərtəbə tikərlər ki, təki memarlığa gedib orada onlara müraciət eləməsinlər. Bu var.
Bunun axırında, 36.5-də yazmısınız: “Fiziki və ya hüquqi şəxslərin razılaşdırma üçün müvafiq icra hakimiyyəti orqanına etdikləri müraciətə 30 gün müddətində baxılmadıqda həmin şəxslər tikinti işlərinə başlaya bilər”. Başladı, sonra xətası olmayacaq ki? Bax bunlara da gərək diqqət edək.
Mən bu qanun layihəsini birinci oxunuşda konseptual baxımdan qəbul edirəm və həmkarlarımı da ona səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Mən hesab edirəm ki, qanun layihəsi konseptual cəhətdən tələblərə cavab verir. Çıxış üçün yazılan millət vəkillərinin əksəriyyəti komitələrdə çıxış ediblər. Əgər etiraz yoxdursa, birinci oxunuşda bunu qəbul edək, ikinci oxunuşda müzakirələrə davam edərik. Etiraz yoxdur? Onda xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 18.03 dəq.)
Lehinə 104
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 2  
İştirak edir 109
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, mayın 9-da faşizm üzərində qələbənin 64-cü ildönümüdür. Bu qələbədə Azərbaycanın, Azərbaycan xalqının çox böyük əməyi olub. Bildiyiniz kimi, müharibə dövründə bütün yanacağın 80 faizi Azərbaycandan gedib, Azərbaycanın 600 min övladı bu müharibədə iştirak edib. Bu qələbədə Azərbaycanın böyük payı var. Bu bayram münasibətilə sizin hamınızı təbrik edirəm! Gün o gün olsun ki, biz öz azad torpaqlarımızda da  belə bir bayramı qeyd edək. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi