2009-ci il 22 may tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI

MİLLİ  MƏCLİSİNİN
XI  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  114

Milli  Məclisin  iclas  salonu.
22  may  2009-cu  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 103 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti.
Vaqif Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsinin rəisi.
Davud Yaqubov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsi rəisinin müavini.
Əli Cəfərli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsi rəisinin müavini.
İlqar Tağıyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsi rəisinin müavini.
İlqar Rəcəb, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsinin mütəxəssisi.
Total E & P Abşeron Bi. Vi. şirkətindən:

Mark Foyad, baş menecer.
Leyla Mikayılova, xarici və ictimai əlaqələr üzrə mütəxəssis.
Rasim Axundov, korporativ xidmətlər üzrə mütəxəssis.

Neftçala İnvestments Limited və
Qlobal Enerci Azərbaycan Limited şirkətlərindən:

İqor Kirdoda, QEAM-ın prezidenti.
Nail Qaripov, “Şirvanoyl” MM-in baş direktoru.
Yalçın Hüseynov, tərcüməçi.

* * *

İsmayıl İsmayılov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.
İlqar Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Milli Paralimpiya Komitəsinin prezidenti.
Çingiz Hüseynzadə, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti.
Xəzər İsayev, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti.
Vaqif Əliyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri.
Aydın Məmmədov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri.
İradə Rüstəmzadə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri.
Namiq Abdullayev, olimpiya çempionu.
Zemfira Meftəhəddinova, olimpiya çempionu.
Fərid Mansurov, olimpiya çempionu.
Elnur Məmmədli, olimpiya çempionu.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Total E&P Abşeron Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. Azərbaycan Respublikasında Neftçala, Xıllı, Durovdağ-Babazanan neft yataqlarının və Muğan monoklinalının Cənub-Qərb qanadının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Neftçala İnvestments Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikasında Kürovdağ yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qlobal Enerci Azərbaycan Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron Dəniz Blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Total E&P Abşeron Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikasında Neftçala, Xıllı, Durovdağ-Babazanan neft yataqlarının və Muğan monoklinalının Cənub-Qərb qanadının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Neftçala İnvestments Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikasında Kürovdağ yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qlobal Enerci Azərbaycan Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                  O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

22  may  2009-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir  100
Yetərsay  83

Çox sağ olun. Yetersay var, iclasa başlaya bilərik. Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.04 dəq.)

Lehinə 94
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq olundu. Gündəlikdə dörd məsələ var. Müzakirəyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bilirsiniz ki, iki gün öncə Azərbaycanın kütləvi informasiya vasitələrində Nazirlər Kabinetinin terror əleyhinə mübarizəni nəzərdə tutan, bu sahədə aparılan işləri tənzimləyən əməliyyat qərargahının yaradılması ilə bağlı qərar, o cümlədən onun təlimatı yayılmışdır. Mən bu addımı çox yüksək qiymətləndirir və hesab edirəm ki, terror əleyhinə mübarizənin belə bir mühüm qurum tərəfindən həyata keçirilməsi birinci növbədə terrorun qabaqlayıcı tədbirlər vasitəsilə zərərsizləşdirilməsi və hər hansı formada terror aktı baş verərsə, itkilərin minimuma endirilməsi və cəmiyyətin psixoloji, mənəvi cəhətdən ziyan almaması baxımından mühüm bir addım kimi xarakterizə oluna bilər.
Mən düşünürəm ki, biz Neft Akademiyasında baş vermiş hadisədən sonra Azərbaycan cəmiyyətində, xüsusilə də media orqanlarında vətəndaşların təhlükəsizliyinin qorunmasına zəmanətin olmaması, sabitliyin pozulması təhlükəsinin artması və sair kimi müxtəlif versiyaların baş alıb getməsinə də öz münasibətimizi bildirməliyik. Heç şübhəsiz ki, mən bunların çox ciddi şəkildə əleyhinəyəm.
Ölkəmizdə sabitlik ötən 10 il ərzində, bəlkə daha çox, 1993-cü ildən sonrakı dövr ərzində çox böyük itkilərin, zəhmətin, səylərin nəticəsində başa gəlib və bu gün hər hansı bir terror aktı Azərbaycanda sabitliyi poza bilməz. Bilirsiniz ki, çox böyük kəşfiyyat, əks-kəşfiyyat imkanlarına, yüksək təhlükəsizlik şəraitinə malik olan Amerika Birləşmiş Ştatlarının özü də terror aktlarından və ya bu cür kütləvi qətllərdən sığorta olunmayıb. Azərbaycandakı sabitlik hamının sərvətidir. O, sadəcə, bir hakimiyyətin və onu müdafiə edənlərin yox, bütün xalqın mülkiyyətidir.
Ötən günlər ərzində ölkə başçımız tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri, bu məqsədlə 6 milyon manat vəsaitin ayrılması və dediyimiz əməliyyat qərargahının yaradılması sübut edir ki, Azərbaycan bu coğrafiyada, bu regionda terror təhdidlərini ciddi şəkildə nəzərə alır. Onu da qeyd edim ki, terrora qarşı mübarizənin fəal dövrü xüsusilə ötən 5–6 ilin üzərinə düşür və mən Azərbaycanın bu yöndə atdığı addımları təqdir edirəm.
Eyni zamanda, düşünürəm ki, terror tematikasından hansısa maraqlar naminə faydalanmaq cəhdi, xüsusilə də 31 may, son zənglə bağlı təhlükəsizlik tədbirlərinə artıq nəyinsə siqnalı kimi qiymət verilməsi yanlış yanaşmadır. Bütün məktəblər bunu keçirəcəksə, bu artıq onun göstəricisidir ki, Azərbaycan...
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Son iclasda burada məsələ qaldırılaraq bir sıra beynəlxalq təşkilatlar, dövlətlər və onların rəhbər və vəzifəli şəxsləri tərəfindən Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə əlaqədar olaraq ölkəmizə ikili yanaşmadan irəli gələn bəyanatların, sənədlərin qəbul edilməsindən narazılıq ifadə edilmişdi. Bu narazılıq bizim hörmətli hakim partiyadan olan və onu müdafiə edən partiyaları təmsil edən həmkarlarımız tərəfindən edilmişdi. Lakin son zamanlar baş verən hadisələr göstərir ki, iqtidar Azərbaycana münasibətdə ikili standartların olmasını bir gerçəklik kimi qəbul edərək bunu nəzərə almaq və Azərbaycanda insan hüquqlarının qorunması sahəsində vəziyyəti düzəltmək əvəzinə ölkədə daha antidemokratik mühitin yaradılması istiqamətində hərəkət edir.
Mənə may ayının 10-da seçicilərim tərəfindən zənglər oldu və mən həmin gün Bakı şəhərində baş vermiş hadisələrin, konkret olaraq 22-ci, 29-cu polis bölmələrində vətəndaşlara öz vəzifə borcları, peşələri ilə əlaqədar orada olan müxbirlərə, jurnalistlərə qarşı sözün həqiqi mənasında qanunsuzluğun və bir sıra hallarda isə vəhşiliyin şahidi oldum. Bizin gözümüz qarşısında polis işçiləri jurnalistlərə hücum edərək onları döyür, təhqir edir, söyür, əllərindən videokameraları alır, onların içərisindən kasetləri götürməyə cəhd edirdilər. Naməlum mülki şəxslər tərəfindən bu və ya digər şəxslərin qanunsuz olaraq tutulması xüsusən dözülməz hal idi. Konkret olaraq Müsavat Partiyasının üzvləri Murad Kərimov, Emil Elmanlı, Xalq Cəbhəsi Partiyasının Gənclər Təşkilatının sədri Abbaslı, Rəfiyev barəsində oxşar hərəkətlər edilmişdir. Təbii ki, dövlət inzibati orqanlarının əməkdaşları tərəfindən bu cür qanunsuzluqlara yol verilməsi Azərbaycan haqqında müvafiq hesabatların meydana çıxmasına, onun Zimbabve, Zambiya tipli ölkələr sırasına daxil edilməsinə rəvac verəcəkdir.
Biz bu qanunsuzluqlara qəti şəkildə etiraz edir, bu hallara son qoyulmasını və onların bir daha təkrarlanmaması üçün günahkarların cəzalandırılmasını tələb edirik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah bəy, Siz müstəntiq kimi danışdınız. Elə bil, istintaq da keçirilib, günahlar da sübut olunub. Deyirsiniz, bu hadisə ayın 10-da olub. Bu gün ayın 22-dir. Niyə vaxtında müraciət etmirdiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Şifahi deyirsən, tribuna lazımdırsa, başqa məsələ, de.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Dedin, ürəyin sakitləşdi, lap yaxşı. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Bu gün bizim gündəliyimizdə dörd mühüm məsələ var və yəqin ki, iclas ərzində bu məsələləri müzakirə edib müvafiq qərarlar qəbul edəcəyik. Oqtay müəllim, bunlarla yanaşı, məni narahat edən bir-iki məsələ var. Onların da düzəldilməsini, yaxud hansısa formada onlara münasibət bildirilməsini xahiş edərdim.
Birincisi, son illərdə vəzifələrə təyinat alan yüksək vəzifəli şəxslərin vəzifəyə gələn kimi ilk işi ondan ibarət olur ki, burada 10–15 il işləmiş adamları müxtəlif bəhanələrlə vəzifədən çıxarır və ya təzyiq göstərirlər ki, ərizə yazıb işdən çıxsınlar. Açıq şəkildə elan edirlər ki, öz adamları ilə işləmək istəyirlər. Mən demək istəyirəm ki, bu, qorxulu tendensiyadır və bunun qarşısı alınmalıdır.
Xüsusilə rayon icra hakimiyyətlərində bu tendensiya açıq-aydın hiss olunur. Cənab Sədr, respublikanın hər bir rayonunda dörd mühüm vəzifə var – icra başçısı, prokuror, polis rəisi və məhkəmənin sədri. Təxminən 4–5 rayonda bu vəzifələri tutan şəxslərin dördü də ya bir kənddəndir, ya da sovet dövründə deyildiyi kimi, bir sovetlikdəndir. Bu tendensiya əhali arasında ciddi narazılıqlara gətirib çıxarır. Bu tendensiya kadr siyasətinə əhalinin müəyyən şübhələrinə gətirib çıxarır. Azərbaycanın hər yerində istedadlı adamlar var. Kadr seçimində, xüsusilə rayonların idarə edilməsində eyni kənddən, eyni rayondan olan adamların bir rayonun rəhbərliyinə toplanmasına yol vermək lazım deyildir. Nəticə etibarilə bunlar əlbir olur, müəyyən neqativ işlərlə məşğul olurlar. Bunların hamısı aydındır.
İkinci qeydim indi mətbuatda da müzakirə olunan bir məsələ ilə bağlıdır. Azərbaycanın çox böyük yazıçısı Sabir Əhmədov təxminən bir ay bundan əvvəl vəfat etdi. Belə bir böyük yazıçının, xalq yazıçısının dəfn olunmasına müvafiq bir məzarlıqda yer ayrılmadı. Mənə elə gəlir ki, bu, ədalətsizlikdir. Əvvəla, Sabir Əhmədov xalq yazıçısıdır, ikincisi, Vətən uğrunda döyüşlərdə övladı şəhid olub. Mənim fikrimcə, bu sahədə müəyyən bir meyar olmalı və bu meyar hamıya şamil edilməlidir. Bu məsələ müəyyən adamların şəxsi qərarları ilə həll edilməməlidir. Hər halda 1960-1970-ci illərdə Sabir Əhmədovun yazdığı əsərlər Azərbaycana...
Sədrlik edən. Sağ olun. Cəmil müəllim, bayaq Pənah bəyə də dedim, belə məsələlərlə bağlı əgər bir fikriniz varsa, 10 gün, 15 gün gözləmək lazım deyil, əvvəldən deyin ki, bir ölçü götürə bilək. İndi deyirsiniz ki, rayonlarda rəhbər vəzifələri tutanlar bir kənddəndirlər. Hansı rayonda bir kənddəndirlər? İstəyirsinizsə, araşdırılsın, baxılsın, bunu əvvəlcədən işləmək lazımdır. Əgər istəyiriksə, işlərdə bir nəticə olsun, iş metodumuzu dəyişməliyik. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Sağ olun, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri, mətbuat işçiləri! Azərbaycan Respublikasında son dövrlərdə həyata keçirilən nəhəng işləri nəinki Azərbaycan xalqı, dünyanın ayrı-ayrı qabaqcıl ölkələrinin ictimaiyyəti də görür və təsdiqləyir. Eyni zamanda, biz parlamentimizə gələn xarici qonaqların da fikirlərində bunu görürük. Məsələn, Avropa Şurasının baş katibi vəzifəsinə dörd namizəddən biri olmuş Matyaş Eörşi bu günlərdə ölkəmizdə olarkən cənab Prezidentlə, Milli Məclisin rəhbərliyi və parlamentlərarası nümayəndələrlə görüşü zamanı demişdir: “Mən bütün nüfuzumu itirsəm də, Azərbaycanın maraqlarını müdafiə edəcəyəm, çünki Azərbaycanın səsi haqq səsidir.” Əlbəttə, Azərbaycandan kənarda bizim nümayəndələrə deyilən fikirlər də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını sübut edir. Şübhəsiz ki, bu bizim problemlərimizin ədalətlə həllinə, haqq səsimizin eşidilməsinə kömək edən amillərdən biri kimi qiymətləndirilməlidir.
Cənab Sədr, əlbəttə, bizim parlamentimizin də ölkəmizin daxili və xarici siyasətində rolu böyükdür. Elə həmin Matyaş Eörşi bizim parlamentin iclas zalında, konfrans zallarında olarkən dediyi sözləri yada salmaq kifayətdir. O dedi ki, dünyanın tək-tək ölkələrində parlamentlərin belə iclas zalları vardır. Əlbəttə, bunların hamısı bir daha göstərir ki, ölkəmizdə hərtərəfli tərəqqi var və Milli Məclis də öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Cənab Sədr, bu istiqamətdə bizim deputatlarımızın da fəaliyyəti böyükdür, ayrı-ayrı ölkələrlə, səfirliklərlə əlaqələri vardır. Macarıstanda sosial və iqtisadi yönümlü konfransların keçirilməsi barədə səfirlik tərəfindən də təşəbbüs irəli sürülüb. Mən istərdim, mümkün olarsa, Siz də bu işə öz dəstəyinizi...
Sədrlik edən. Sağ olun. Xanhüseyn müəllim, biz həmişə dəstək vermişik. Bu bizim parlamentin xarici siyasətinin əsas istiqamətidir. Azərbaycanı tanıtmaq, dost ölkələrin nümayəndə heyətlərini dəvət eləmək, səfərlər eləmək– bunlar həmişə dəstəklənmiş məsələlərdir. Fazil Mustafa, buyurun.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən iki məsələyə toxunmaq istəyirəm. Birincisi, hesab edirəm ki, son aylar hakimiyyətin bəlkə də ən mütərəqqi qərarlarından biri yaşıllıqların məhv edilməsinə qarşı qəbul edilmiş və cənab Prezident bu məsələdə öz mövqeyini açıq bildirmişdir. Əlbəttə, yaşıllıqların vətəndaşlara qaytarılması, onların kökünün kəsilməsinin qarşısının alınması mühüm bir addım idi. Amma mən hesab edirəm ki, bunun ardınca Xəzər dənizinin Azərbaycan xalqına qaytarılması kampaniyası başlamalıdır. Ümid edirəm ki, Xəzər dənizinin hasara alınmasına qarşı da belə bir kampaniya başlanacaq və bu da Azərbaycan üçün ikinci böyük bir qazanc olacaqdır.
Toxunmaq istədiyim daha bir vacib məsələ dil ilə bağlıdır. Bu ayın əvvəllərində Milli Məclisdə Türkiyənin Baş naziri hörmətli Rəcəb Tayyib Ərdoğan çıxış elədi. O bizə Türkiyə türkcəsində müraciət elədi. Mən xatırladım ki, bundan əvvəl bizdə “Dövlət dili haqqında” Qanunun 9-cu maddəsinə istinad olunaraq Türkiyə türkcəsində olan verilişlərin tərcüməsi ilə bağlı qəribə bir polemika getmişdi. Əsaslandırılmağa çalışılırdı ki, bu verilişlər mütləq tərcümə olunmalıdır. Çünki bu, dövlət dilimizə hörmətin bir ifadəsidir. Halbuki bu dildə elə bir baryer yoxdur və bizim xalqlarımız arasında, dövlətlərimiz arasında məsafə başqa dövlətlərlə olan məsafəyə, yaxud da uyğunluğa bənzəmədiyinə görə o vaxt mən bunu, əslində, lüzumu olmayan absurd bir yanaşma kimi qiymətləndirdim. Lakin Rəcəb Tayyib Ərdoğan çıxış edəndə bu tezisi müdafiə edən insanlardan heç kim tələb eləmədi ki, onun çıxışı tərcümə olunsun. Bu, əslində, müsbət hal idi. Ona görə ki, həyatın reallığı əgər hüquqla, qanunla uzlaşmırsa, demək, həyatın reallığını qəbul eləmək lazımdır.
Dövlət dilini qorumaq adı ilə Türkiyə türkcəsindən tərcümə məsələsini ortaya qoyaraq televiziyalar üçün, mətbuat üçün xüsusi çətinliklər yaratmaq qardaş dövlətlərimiz və xalqlarımız arasında ünsiyyət imkanlarını süni surətdə çətinləşdirmək deməkdir. Bu yaxınlarda TRT-Avaz kanalının açılması da türk dünyası arasında inteqrasiyanın inkişafına istiqamətlənmişdir. Ona görə də hesab edirəm ki, bu cür reallıqları nəzərə alaraq, bu kimi qərarlar qəbul edilməsinin, yaxud bu qərarlara dəstək verilməsinin yanlış olduğunu qəbul etməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri və media mənsubları! Bildiyiniz kimi, bu günlərdə hörmətli həmkarımız Sabir Rüstəmxanlı soyadların milliləşdirilməsi ilə bağlı çox gözəl bir təkliflə çıxış edib. Mən Sabir müəllimin bu təklifini alqışlayıram. Hesab edirəm ki, bu çox vacib və əhəmiyyətli bir məsələdir. Çünki biz hara gediriksə, xüsusən də qonşu ölkələrdə bizə ilk olaraq bu sual verilir ki, siz soyadlarınızın sonundakı rus sonluqlarını niyə dəyişmirsiniz? Oqtay müəllim, mən təklif edirəm ki, Milli Məclis olaraq artıq bu məsələnin müzakirələrinə başlayaq.
Ancaq mənim bu məsələ ilə bağlı təklifim var. Bilirsiniz ki, son vaxtlar bəzi adamlar məhkəməyə müraciət edərək öz soyadlarının sonluğunu istədikləri formada dəyişdirirlər. Mən təklif edirəm ki, soyad sonluqlarının kütləvi şəkildə dəyişdirilməsinə başlanması üçün lazım gəlsə, qanunvericiliyimizdə əlavə və düzəlişlər edək.
Eyni zamanda, mən düşünürəm ki, bu sahədə bəzi məhdudiyyətlərin də olması vacibdir. Nəyə görə? Fikir vermisinizsə, son vaxtlar soyadlarını dəyişən əksər insanlar soyadının sonuna, çox güman ki, yaxşı, dəbdəbəli səsləndiyinə görə “bəyli” və yaxud “xanlı” sonluqlarını artırırlar. Mənim fikrimcə, bunu ancaq o adamlar edə bilərlər ki, onların şəcərəsində bəy və yaxud xan olsun. Yəni hər kəs bu dəyişikliyi edə bilməz. Mən düşünürəm ki, bunu etmək üçün arxivlərə müraciət eləmək olar. Çünki arxivlərdə sənədlər durur, həm xanlıqlar dövründə, həm də çar Rusiyası zamanında bəylik rütbəsi almış insanlarımız olub. Həmin arxivlərdən lazımi sənədləri götürüb, məhkəməyə müraciət eləmək olar. Yəni hər bir insan sübut eləyə bilər ki, onun şəcərəsində, doğrudan da, bəy və yaxud xan olub, ya yox. Bunu sübut edərək, təbii ki, soyadı dəyişdirmək olar. Çünki soyad soyun, şəcərənin adını daşımalıdır.
Təbii ki, mən heç də iddia eləmirəm ki, əgər kiminsə nəslində bəy olubsa, bu, kiməsə əlavə üstünlüklər verir. Qətiyyən belə deyil. Çünki hər kəs hörməti öz şəxsi keyfiyyətlərinə, ləyaqətinə görə qazanır. Amma təbii ki, bu məsələdə mütləq aydınlıq olmalıdır. Bizim bəylərimizin heç də hamısı ləyaqətli insanlar olmayıb, amma eyni zamanda, ötən əsrin əvvəllərində bizim böyük mütəfəkkirlərimiz olub, maarifçilik hərəkatını başladan insanlarımız olub. Həsən bəy Zərdabi...
Sədrlik edən. Aynur xanım, bir çıxışınızda dörd dənə ziddiyyətli fikir meydana çıxardınız. Gah soyaddan danışdınız, gah da bəylikdən, şəcərədən. Onsuz da bu illər ərzində dinimizdən başqa dəfələrlə soyadlarımızı, əlifbamızı, milli mənsubiyyətimizin adını dəyişiblər. Bəsdir, yorulmuşuq bunlardan. Soyadı dəyişmək hər kəsin öz işidir. Mənim öz soyadımdan, Əsədov soyadından xoşum gəlir, niyə dəyişməliyəm? Buna görə qanun qəbul eləməliyik? Bu işlərə gəlin son qoyaq. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məndən əvvəl çıxış edən deputat həmkarlarımdan biri burada insan haqlarının vəziyyəti ilə bağlı mövqe ifadə elədi. Burada tez-tez ayrı-ayrı beynəlxalq hesabatlarda Azərbaycanla bağlı faktların düzgün verilməməsindən, ayrı-ayrı dövlətlərin bizə qərəzli münasibətindən çoxlu sayda gileylər səslənir. Mən dünyada baş verən hadisələrdə ikili standartların, hüquqdan daha çox siyasi yanaşmaların olduğunu istisna etmirəm, amma mənim üçün Azərbaycan daxilində baş verən hadisələr də çox maraqlıdır. Dəfələrlə bu parlament tribunasından Azərbaycanda jurnalistlərin həbsdə olması ilə bağlı fikir səslənib. Hazırda daha bir jurnalistin – Mahal İsmayıloğlunun məhkəməsi gedir. İttihama diqqət etsəniz, çox gülünc bir ittihamdır və hətta istintaq işinin materiallarından aydın olur ki, bu, yüzdəyüz quramadır. Nəticə etibarilə sabah bunun barəsində hər hansı bir hökm verilməsi və ya bunun həbs olunması yenə Azərbaycanın adının hesabatlarda məhz həmin şəkildə səslənməsinə gətirib çıxaracaq. Keçmiş qəzet redaktorunu, ictimai-siyasi həyatda tanınan jurnalisti nədə ittiham edirlər? Deyir, qonşunun anasına yerdən daş yığıb atıb. Kiçicik daşları götürüb atıb, sonra da yerdən böyük bir daş götürüb atıb. Bilirsiniz, kənddə uşaqlar bununla daş-daş oyunu oynayırlar. Bu cür gülünc ittihamların nəticəsidir ki, beynəlxalq hesabatlarda Azərbaycanın adı bu cür səslənir. Mən hesab edirəm ki, bu tipli ittihamlara son qoymaq və beləliklə, başqa ölkələrin onsuz da bizə xoş olmayan münasibəti bir qədər də sərtləşdirməsinə imkan verməmək lazımdır.
Mənim toxunmaq istədiyim ikinci məsələ son dövrlərdə Azərbaycanda dindarlarımızı çox ciddi şəkildə narahat edən bəzi məscidlərin bağlanmasıdır. Buna konkret aydınlıq gətirilməlidir. Məscidləri müəmmalı şəkildə bağlamaqla bu məscidlərdə ibadət edən inanclı insanların, dindarların hissinə tərs bir şəkildə toxunmaq lazım deyil. İnformasiyanı gizlətmək lazım deyil. Təmirdirsə, açıq deyilməlidir, təmirdir, filan müddət ərzində açılacaq, bu müddətdən sonra öz işini bərpa edəcək. Müəmmalı şəkildə bir də görürsünüz, filan məscid bağlanıb. Bu da, çox təəssüf ki, kütləvi şəkildə olur deyə, bəzən fərqli nəticələr də çıxarılır. Biri sökülür, ikisi bağlanır, üçü bağlanmaq təhlükəsi qarşısında qalır. Nəticə etibarilə bir ajiotaj yaranır. Bunların hamısına mən istərdim ki, səlahiyyətli orqanlar ciddi aydınlıq gətirsin və heç bir...
Sədrlik edən. Buyurun, Bahar xanım.
B. Muradova. Təşəkkür edirəm, Oqtay müəllim. Mənim cari məsələlər üçün ayrılan vaxtda deməyə bir sözüm yox idi, amma səslənən bir-iki məsələ məni vadar elədi ki, münasibətimi bildirim. Məscidlərlə bağlı dərhal İqbal Ağazadəyə cavab vermək istəyirəm. Yəni bunu cavab kimi də qəbul edə bilərsiniz, mövqe kimi də.
Məscidlərin bağlanmasından və yaxud təmirə dayanmasından danışırsınız. Amma bilirsiniz ki, Azərbaycanda son illər dindarlara, din sahəsində işlərə nə qədər ciddi diqqət yetirilir. Bilirsiniz ki, dövlətin özü tərəfindən nə qədər çox sayda yeni məscidlər tikilib və nə qədər məscidlər dövlət tərəfindən ən yüksək səviyyədə təmir olunur. Bütün bunlar deyilmədən yalnız haradasa bir məscidin bu və ya digər səbəbdən müvəqqəti bağlanmasını misal gətirərək, Milli Məclisdə məsələ qaldırmağa və bunun ətrafında, doğrudan da, dindarları ajiotaja sala biləcək söhbətlər açmağa lüzum varmı? Mən hesab edirəm, buna lüzum yoxdur. Bu mənim şəxsi fikrimdir, qəbul etməyə də bilərsiniz. Amma əgər biz dindarların heysiyyətinə, qüruruna, dini mövqeyinə hörmətlə yanaşırıqsa, çalışmalıyıq ki, bu kimi məsələləri belə yüksək səviyyəli məclislərdə müzakirə predmetinə çevirməyək.
Millət vəkilinin hər bir məsələni aydınlaşdırmaq üçün müvafiq dövlət qurumuna müraciət etmək hüququ və səlahiyyəti var. Mən hesab edirəm ki, haradasa hansısa bir problem varsa, aidiyyəti qurumlara bununla bağlı müvafiq müraciətlər etmək, konkret cavablar almaq və bu sahədə narazılığı olan adamlarla konkret iş aparmaq olar. Əgər biz, ümumiyyətlə, ölkədə dini ab-havanın normal olmasını istəyiriksə, hər kəs bunu etməlidir. Amma burada 3–5 adamın razılığına səbəb olacaq fikir səsləndirməklə hər hansı bir sahədə nəyəsə nail olmaq, məncə, mümkün deyildir.
Mahal İsmayıloğlu ilə bağlı. Mahal İsmayıloğlunu hamımız tanıyırıq, vaxtilə “Xalq qəzeti”ndə işləyirdi. Bu hakimiyyəti, Heydər Əliyevi, Azərbaycanda iqtidarın siyasətini təbliğ edən çox yaxşı məqalələrini, yazılarını da oxumuşuq. İnsandır, həyatda fikir də dəyişir, mövqe də dəyişir. Mən buna normal baxıram. Amma əgər “Xalq qəzeti”ndə işləyərkən ona xalq düşmənlərindən biri kimi münasibət bəslənirdisə, bu gün hansısa səbəbdən narazıdırsa, xalq qəhrəmanına çevrilir. Mən bunu da qəbul edə bilmirəm. İndi bizim tərəfimizdən məhkəmələrə təzyiq göstərilməsini istəyirsiniz. Biz məhkəmələrə nə deyə bilərik, deyə bilərik ki, müraciət edən vətəndaşın müraciətinə baxmayın? Hətta ən absurd ittiham olsa belə, bu ittiham konkret şəxs tərəfindən irəli sürülürsə, məsələyə baxılmalı və onun absurd olduğu məhz elə məhkəmədə sübuta yetirilməlidir. Ona görə də əvvəlcədən bu işlərə dair bizim hər hansı bir siyasi mövqe göstərməyimiz məhkəməyə təzyiq deməkdir. Bu kimi məsələlərdən siyasi məqsədlərlə istifadə oluna bilməz.
Eyni kənddən olan adamlar məsələsi. Bilirsiniz, vaxtilə mən təəccübləndim ki, necə oldu, Fərhad Əliyevi Müdafiə Komitəsinin sədri Cəmil Həsənli oldu. Sonra məlum oldu ki, onlar eyni bölgədən, eyni kənddəndirlər. Yəni bilirsiniz, ictimai, siyasi proseslərdə belə hallar olur və adamı çox düşündürür. Amma mən elə bir rayon görməmişəm ki, orada dörd vəzifənin dördü də eyni kənddən olan adamlara mənsub olsun. Belə bir şey yoxdur. Ona görə də sözləri havaya atmaq yox, onu konkret faktlara və arqumentlərə söykənərək demək lazımdır.
Biz Azərbaycan xalqı tərəfindən seçilmiş çox yüksək statuslu adamlarıq. Ona görə düşünürəm ki, biz seçicilərimizin istək və arzularını qanun çərçivəsində ifadə etməyə üstünlük verməliyik. Mənim fikirlərim bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Bahar xanım İqbal Ağazadənin suallarına bir az cavab verdi. Mən deyilənlərə bir fikri əlavə etmək istərdim. Biz hamımız dövlət tərəfindən, cənab Prezident tərəfindən dini qurumlara, Bibiheybət məscidinə, Təzəpir məscidinə nə qədər kömək olunduğuna şahidik. Hələ parlament indiyə qədər bir nəfərə bu barədə bir söz deməyib. Yəni deməyib ki, cənab Prezident belə bir hərəkət elədi, iqtidar belə bir hərəkət elədi. Ancaq bir yerdə bir məscid təmirə bağlanan kimi, elə bil, həqiqətən, mikrofon lazımdır, car çəkək ki, bizdə məscid bağlandı. Mən Bahar xanımın bu barədə dedikləri ilə razıyam. Xahiş edirəm, çıxışlarınıza diqqət edəsiniz. Bizim çağırış artıq dördüncü ildir işləyir. Bir ilimiz qalıb, heç olmasa, ona görə səviyyəmizi bir balaca yüksəltməliyik. Əli Əhmədov buyursun.
Ə. Əhmədov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Mən də Sizin son replikanızla tam razıyam. Həqiqətən, Azərbaycanın Milli Məclisi Azərbaycan cəmiyyətini narahat edən, maraqlandıran daha əhəmiyyətli, daha böyük ictimai maraq kəsb edən məsələlərə öz münasibətini bildirsə, bu, cəmiyyətimiz üçün daha faydalı olar. Bu məntiqdən çıxış edərək mən Azərbaycan cəmiyyəti üçün böyük maraq kəsb edən və onu narahat edən bir məsələyə öz münasibətimi bildirmək istəyirəm.
Azərbaycan–Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məqsədi ilə yaradılmış Minsk qrupunun həmsədrlərinin bəzi hallarda bütövlükdə vasitəçilik məntiqinə sığmayan bəyanatları Azərbaycan cəmiyyətini narahat etməyə bilməz. Azərbaycan münaqişənin sülh yolu ilə nizama salınmasının tərəfdarı olduğunu dəfələrlə bəyan edibdir. 17 ildir mövcud olan Minsk qrupunun fəaliyyətinin Azərbaycan cəmiyyətini qane etmədiyini Azərbaycan cəmiyyətinin müxtəlif səviyyədə nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Prezidenti açıq şəkildə bildiribdir. Mən hesab edirəm ki, vasitəçilik missiyasını öz üzərinə götürmüş insanlar və qurumlar ilk növbədə onların vasitəçilik missiyasının həyata keçirilməsinə bu və ya digər mənada kömək edən istənilən təşəbbüsü dəstəkləməyə borcludurlar. Bunu onların vasitəçilik missiyasının məntiqi tələb edir. Ancaq təəssüf hissi ilə qeyd eləmək lazımdır ki, bəzi hallarda bunlar bu məntiqə sığmayan bəyanatlar verməkdən əl çəkmirlər və bunu artıq bir vərdişə çeviriblər.
Minsk qrupunda Fransanı təmsil edən nümayəndənin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının Ermənistanla Türkiyə arasında sərhədlərin açılması ilə heç bir əlaqəsi olmadığı haqqında bəyanatları da bu qəbildəndir. Azərbaycan Prezidenti bu iki məsələnin bir-biri ilə bilavasitə əlaqədar olduğu haqqında fikir bildiribdir. Bu, eyni zamanda, Azərbaycan cəmiyyətinin mövqeyidir. Hesab edirəm ki, belə mövqeyə qarşı fikrin Minsk qrupunun missiyasını həyata keçirən təmsilçi tərəfindən səsləndirilməsi bütövlükdə vasitəçilik missiyasına sığışmayan bir hərəkətdir.
Mən belə hesab edirəm ki, Azərbaycan Milli Məclisinin deputatları Minsk qrupunun həmsədrlərindən və onların təmsilçilərindən nizamasalma prosesinin məntiqinə uyğun gəlməyən bu cür vərdişlərdən əl çəkməyi tələb etməlidirlər. Mən hesab edirəm ki, bu vərdişlər bütövlükdə prosesin gedişinə mənfi təsir göstərir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Müzakirələri bitirdik. Gündəliyə keçirik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sabir müəllim, Sizdən qabaq Əli Məsimli var, gərək onda ona söz verim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də sözümü demişəm. Başa düşmürəm, mənim ixtiyarım sizinkindən azdır, ya mən millət vəkili deyiləm? Mən deyirəm ki, müzakirələri qurtardıq. Niyə Siz mənimlə bir belə söz güləşdirirsiniz? Sizdən qabaq Əli Məsimli var. Mən siyahıya baxıram, vaxta baxıram. Gündəliyin birinci məsələsinin müzakirəsinə başlayırıq. Valeh müəllim, buyurun.
 V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq məktubu ilə Milli Məclisə Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Total Eksploreyşn ənd Prodakşn və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti arasında Bakı şəhərində 2009-cu il fevralın 27-də imzalanmış saziş və bu sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmişdir.
Sazişi təqdim etməzdən öncə bu bloka dair qısa tarixi arayış vermək istərdim. Çünki sizin buna aid suallarınız ola bilər. Yəqin ki, bu məsələlərlə maraqlanan deputatlarımızın yadındadır ki, Abşeron dəniz blokuna dair birinci saziş Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə podratçı tərəflər olan xarici şirkətlər, daha dəqiq desək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti ilə Amerikanın Şevron Şirkəti və Fransanın Total Şirkəti arasında imzalanmışdır. Bu saziş və müvafiq qanun layihəsi Milli Məclisdən və müvafiq daxili prosedurlardan keçib 1997-ci il dekabrın 6-da qüvvəyə minmişdir. Sonrakı illərdə podratçı tərəflər sazişin şərtlərinə müvafiq olaraq müəyyən işlər aparmış, o cümlədən çox mürəkkəb dəniz şəraitində, çox mürəkkəb geoloji şəraitdə 6 min 500 metr dərinliyində kəşfiyyat quyusu qazmışlar. Bu işlər nəticəsində alınan məlumatları təhlil edəndən sonra xarici podratçı tərəflər qərara gəldilər ki, kontrakt sahəsində karbohidrogen ehtiyatlarının aşkar edilməsi ehtimalı çox azdır. Hətta karbohidrogen ehtiyatları aşkar edilsə belə, həcminə görə ticari əhəmiyyətli olmayacaq. Bu səbəbdən xarici podratçılar əlavə işlərə, səmərəsiz xərclərə ehtiyac olmadığını bildirmiş və kəşfiyyat işlərinin dayandırılmasını, sazişə xitam verilməsini təklif etmişlər. Müəyyən araşdırmalar və danışıqlar nəticəsində tərəflər razılığa gəlmişlər ki, müəyyən şərtlərlə sazişə xitam verilə bilər. Nəhayət, 2003-cü ildə bu sazişə xitam verilmişdir.
Mən bu məsələ ilə bağlı bəzi önəmli məqamları xatırlatmaq istərdim. Xarici podratçılar, yəni Şevron və Total şirkətləri axtarış-kəşfiyyat işlərinə və bunlarla əlaqədar əməliyyatlara 136,6 milyon ABŞ dolları sərmayə yatırmışlar. Xarici podratçılar Azərbaycan tərəfinə 14,5 milyon dollar məbləğində pul vəsaiti ödəmişlər. Bunlar bonus və bu tipli ödənişlərdir. Qazılmamış ikinci kəşfiyyat quyusunun əvəzi olaraq, xarici podratçılar Azərbaycan tərəfinə 39 milyon dollar məbləğində vəsait ödəmişlər. Azərbaycan tərəfi heç bir riskə getmədən, heç bir sərmayə yatırmadan, heç bir xərc çəkmədən Xəzər dənizinin Azərbaycan sektorunun yeni bir sahəsində çox dəyərli yeni axtarış-kəşfiyyat işlərinin planlaşdırılması və gələcəkdə bu işlərin təşkil edilməsi üçün önəmli məlumatlar əldə etdi.
İllər keçdi, keçmiş podratçı tərəflərdən biri olan Total şirkətinin mütəxəssisləri əldə olan materialları təhlil edərək belə qərara gəldilər ki, Abşeron blokuna qayıdıb kəşfiyyat işlərini davam etdirməyə dəyər. Total şirkətinin rəsmi müraciətindən sonra Dövlət Neft Şirkəti ilə Total arasında aparılan danışıqların nəticəsi olaraq Dövlət Neft Şirkəti ilə Total şirkəti arasında Abşeron dəniz yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsü haqqında Sazişin əsas kommersiya prinsip və müddəalarını əhatə edən müqavilə razılaşdırılmış və 2008-ci il 5 may tarixində imzalanmışdır. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 48 saylı 17 noyabr tarixli sərəncamı ilə Dövlət Neft Şirkətinə bu sazişi hazırlamaq və Azərbaycan Respublikası adından imzalamaq, həmçinin sazişin qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir.
Saziş 2009-cu il 27 fevral tarixində imzalanmışdır. Təqdim edilmiş sazişin tərəfləri bir tərəfdən hökumət təşkilatı qismində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, o biri tərəfdən Niderland Krallığında qeydə alınmış Total Eksploreyşn ənd Prodakşn Bi. Vi. Şirkəti və Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkətidir. Sazişin bağlandığı tarixdə podratçı tərəflərin, yəni ARDNŞ-nin Ortaq Neft Şirkətinin iştirak payı 40 faiz, Total şirkətinin iştirak payı 60 faiz olubdur. Hər bir podratçı tərəfin bu sazişə dair hüquqları, maraqları, öhdəlikləri bu faizlərə müvafiq şəkildə təsbit edilir. Sözsüz ki, podratçı tərəflərin ən vacib öhdəliklərindən biri neft-qaz əməliyyatlarını beynəlxalq neft-qaz sənayesində qəbul edilmiş prinsip və standartlara uyğun olaraq təhlükəsiz və səmərəli şəkildə aparmaqdır.
Dövlət tərəfindən rəsmən verilmiş səlahiyyətlər çərçivəsində Dövlət Neft Şirkəti podratçı tərəflərə sazişin şərtləri çərçivəsində və sazişin qüvvədə olduğu müddət ərzində kontrakt sahəsinin hüdudları daxilində neft-qaz əməliyyatları aparmaq üçün vahid və müstəsna hüquq verir. Eyni zamanda, saziş podratçıya neft-qaz əməliyyatlarından fərqli hər hansı fəaliyyət növü ilə məşğul olmaq hüququ vermir.
Kontrakt sahəsində karbohidrogen ehtiyatları aşkar edilməsə və ya aşkar edilmiş ehtiyatlar kommersiya əhəmiyyətli olmasa, yaxud podratçı tərəflər bu ehtiyatların ticari hasilatına başlamasa, podratçının hər hansı məsrəfləri, o cümlədən Ortaq Neft Şirkətinin əvəzinə çəkdiyi xərclər ödənilmir. Başqa sazişlərimizdə olduğu kimi, podratçıların əsaslı və əməliyyat məsrəflərinin, habelə Sazişlə əvəzinin ödənilməsi nəzərdə tutulmuş başqa məsrəflərin yeganə ödəniş mənbəyi hasil edilmiş və məsrəflərin ödənilməsi üçün ayrılmış xam neft və sərbəst təbii qazdır. Hətta kontrakt sahəsində karbohidrogen hasilatı başa çatdıqda və ya sazişə xitam verildikdə o vaxtadək əldə edilmiş karbohidrogen hasilatının podratçının məsrəflərinin əvəzinin ödənilməsi üçün ayrılmış həcmi bu məsrəflərin, xərclərin ödənilməsi üçün yetərli olmadıqda belə, podratçı əvəzi ödənilməmiş məsrəflərinin dövlət və ya Dövlət Neft Şirkəti tərəfindən hər hansı bir şəkildə ödənilməsini tələb etmək hüququna malik deyildir.
Kontrakt sahəsi cənubi Xəzər hövzəsinin şimal hissəsində, Bakı şəhərindən 80–120 kilometr cənub-şərqdə sahildən 40–80 kilometr məsafədə yerləşir. Sahədə dənizin dərinliyi 400–650 metr, sahənin ərazisi 747 kvadratkilometrdir. Sazişin məqsədləri baxımından kontrakt sahəsi dedikdə, sazişin ikinci əlavəsində verilmiş coğrafi koordinatlar daxilində yerləşən ərazi, bu ərazinin hüdudlarında yeraltı formasiyalar, laylar, horizontlar və bunların tərkibində kəşf edilə biləcək karbohidrogenlər başa düşülür. Bununla belə, neft-qaz əməliyyatları aparılarkən kəşf edilmiş karbohidrogen yatağının sərhədləri kontrakt sahəsinin sərhədlərindən kənara çıxarsa, Dövlət Neft Şirkəti kontrakt sahəsinin genişləndirilməsinə icazə verə bilər. Bu cür icazə verilərsə, genişlənmiş sahə də kontrakt sahəsi kimi tanınır.
Kontrakt sahəsində karbohidrogenlərin kəşfiyyatı və lazım olarsa, dəyərləndirilməsi üçün, habelə karbohidrogen yatağı aşkar edilərsə, bu yatağın işlənməsi, neft və qazın hasilatı, nəqli, bir sözlə, neft-qaz əməliyyatlarının beynəlxalq standartlara uyğun aparılması üçün lazım olacaq pul vəsaitlərini podratçı tərəflərdən hər biri öz iştirak payına uyğun təmin edir. Ancaq bununla bərabər, sazişin qüvvəyə minmə tarixindən kontrakt sahəsində aşkar edilmiş karbohidrogenlərin işlənmə proqramı Dövlət Neft Şirkəti tərəfindən təsdiq edildiyi tarixədək ARDNŞ-nin Ortaq Neft Şirkətinin 40 faizlik iştirak payına düşən xərclərin, məsrəflərin maliyyələşdirilməsi də xarici şirkətlərin öhdəliyinə daxildir. Yəni ən riskli müddət ərzində Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti heç bir maliyyə öhdəliyi daşımır. Karbohidrogenlərin ticari hasilatı aparılarsa, bu maliyyələşdirmənin əvəzi ancaq ARDNŞ-nin Ortaq Neft Şirkətinin iştirak payına düşən məsrəflərin ödənilməsi üçün ayrılmış neft və ya sərbəst təbii qazla ödənilir.
Kəşfiyyat dövrünün müddəti 3 ildir və bu dövr ərzində podratçı başqa işlərlə bərabər, bir kəşfiyyat quyusu qazmalıdır. Quyunun dərinliyi dəniz səviyyəsindən 6600 metr dərinliyə kimi olmalıdır. Kəşfiyyat dövrünün nəzərdə tutulmuş işlər tam və vaxtında yerinə yetirilərsə, podratçının müvafiq qayda və prosedurlara uyğun əlavə kəşfiyyat dövrünə daxil olmaq hüququ var. Əlavə kəşfiyyat dövrünün də müddəti 3 ildir. Bu dövr ərzində podratçı 2 kəşfiyyat quyusu qazıb tamamlamalıdır. Bunların dərinliyi fasilə layının aşağı qatınadək və ya dəniz səviyyəsindən 6600 metr dərinliyə kimi olmalıdır. Kəşfiyyat dövrünün və ya əlavə kəşfiyyat dövrünün sonuna qədər podratçı Dövlət Neft Şirkətinə kəşf və onun kommersiya dəyəri haqqında bildiriş təqdim etmirsə, sazişə xitam verilir və podratçının heç bir xərci, məsrəfi ödənilmir və ya başqa cür əvəzləşdirilmir. Xarici podratçılar kəşfiyyat və əlavə kəşfiyyat dövründə Dövlət Neft Şirkətinə kontrakt sahəsinin hər bir kvadratkilometrinə 2000 dollar illik haqq ödəyirlər.
Podratçı kəşf və onun kommersiya dəyəri haqqında bildirişi təqdim etməklə kəşf edilmiş karbohidrogenlərin işlənmə proqramının hazırlanması və Dövlət Neft Şirkətinə təqdim edilməsi öhdəliyini üzərinə götürür. İşlənmə proqramı Dövlət Neft Şirkəti tərəfindən təsdiq edildiyi tarixdən işlənmə və hasilat dövrü başlayır. Bu dövr 30 il ərzində davam edə bilər.
İşlənmə və hasilat dövründə layihəni idarə edəcək rəhbər komitə işlənmə və hasilat dövrü başlayan gündən 30 gündən gec olmayaraq tərəflər arasında yaradılmalıdır. Rəhbər komitə tərəflərin bərabər saylı nümayəndələrindən ibarət olacaq. İlk mərhələdə bu komitəni cəmi 4 nəfər – Dövlət Neft Şirkətinin iki və podratçı tərəflərin hərəsinin bir səlahiyyətli nümayəndəsi təşkil edəcək. Rəhbər komitənin tərkibindən asılı olmayaraq, komitənin iclaslarında səs verəndə Dövlət Neft Şirkəti 1 səsə, podratçı tərəflər 1 səsə malikdir. Rəhbər komitənin qərarları hər iki tərəfin vəkalətli nümayəndəsinin lehinə səs verdiyi hallarda qəbul edilir. Rəhbər komitə neft-qaz əməliyyatlarına dair illik iş proqramlarını, illik büdcələri araşdırıb, razılaşdırıb konsensusla təsdiq edir. Ehtiyac olarsa, illik iş proqramına, illik büdcəyə əlavə və dəyişikliklər də qəbul edilə bilər. Rəhbər komitə həm də təsdiq etdiyi proqramların, büdcələrin icrasına nəzarət edir. Lazım olarsa, rəhbər komitə ayrı-ayrı istiqamətlər və məsələlər üzrə yardımçı komitələr də yarada bilər.
İşlənmə proqramı Dövlət Neft Şirkəti tərəfindən təsdiq edilərsə, podratçı tərəflər, yəni Total və Ortaq Neft Şirkəti onların və ya onların hər hansı ortaq şirkətinin müştərək sərəncamında olan qeyri-kommersiya məqsədli, yəni ancaq icraçı olan birgə əməliyyat şirkəti yaratmalıdırlar. Əməliyyat şirkəti podratçı tərəflərin məqbul hesab etdiyi yurisdiksiyada, ölkədə, həmçinin Azərbaycandan kənarda təsis edilə bilər. Ancaq bu halda o, Azərbaycanda fəaliyyət göstərmək üçün mütləq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq şəkildə qeydiyyatdan keçməlidir. Əməliyyat şirkəti podratçı tərəflərin adından rəhbər komitənin təsdiq etdiyi illik iş proqramı və illik büdcə çərçivəsində aparılan neft-qaz əməliyyatlarının, o cümlədən subpodratçıların həyata keçirdiyi əməliyyatların idarə olunmasına, əlaqələndirilməsinə cavabdehdir və sözsüz ki, bütün işlərin beynəlxalq standartlara uyğun olaraq həyata keçirilməsini təmin etməlidir.
Neft-qaz əməliyyatlarının əməliyyat şirkəti və subpodratçılar tərəfindən aparılmasına, əlaqələndirilməsinə, təşkilinə, o cümlədən nəzarət olunmasına dair qərarları podratçı tərəflərin yaratdığı Podratçının İdarəetmə Komitəsi verir. Bu komitənin tərkibi, işinin təşkili, səsvermə və qərarların qəbul edilməsi mexanizmləri podratçı tərəflərin öz aralarında razılaşdırdığı şəkildə tənzimlənir.
Əməliyyat şirkətinin işçi heyəti vahid təşkilat çərçivəsində işləyən podratçı tərəflərin əməliyyat şirkətinə ezam etdikləri əməkdaşlarından və tələb olunarsa, əlavə cəlb edilmiş Azərbaycan vətəndaşlarından və xarici ölkələrin vətəndaşlarından ibarət olacaqdır. Əməliyyat şirkətinin işçi heyətinin tərkibinə dair tərəflərin belə bir razılığı var ki, ticari kommersiya hasilatı başlanana qədər mühəndis-texniki işçilərin 50–70 faizi və fəhlə heyətinin 80 faizdən az olmayan hissəsi Azərbaycan vətəndaşları olmalıdır. Ticari kommersiya hasilatının başlanma tarixinə mühəndis-texniki işçilərin 80 faizdən və fəhlə heyətinin 90 faizdən az olmayan hissəsi Azərbaycan vətəndaşları olmalıdır. Ticari kommersiya hasilatının başlanma tarixinin beşinci ilindən başlayaraq mühəndis-texniki işçilərin 90 və fəhlə heyətinin 95 faizdən az olmayan hissəsi Azərbaycan vətəndaşları olmalıdır.
Əməliyyat şirkəti vasitəsilə işə götürülən Azərbaycan vətəndaşlarına peşə öyrədilməsini, təkrar peşə təlimlərini podratçı təmin etməlidir. Bununla əlaqədar tədbir və xərclər illik iş proqramına və büdcəyə daxil edilməlidir. Çəkilən məsrəflər neft-qaz əməliyyatları məsrəflərinə aid edilir. Azərbaycan vətəndaşlarına peşə öyrədilməsinə, onların təhsil və təliminə xərclənmiş illik məsrəflərin ancaq 200 min dollardan artıq olan hissəsi əvəzi ödənilən məsrəflərə aid edilir. Bunlara əlavə olaraq kəşfiyyat və əlavə kəşfiyyat dövründə xarici podratçı hər il 5 azərbaycanlı tələbəyə, işlənmə və hasilat dövründə isə hər il 10 azərbaycanlı tələbəyə peşə öyrədilməsini təmin etməlidir. Bunlarla əlaqədar çəkilən xərclərin əvəzi ödənilmir.
İndi də, icazənizlə, podratçının neft-qaz əməliyyatları məsrəflərinin əvəzinin ödənilməsi və hasilatın pay bölgüsünə dair mümkün qədər qısa məlumat vermək istərdim. Podratçının neft-qaz əməliyyatları ilə əlaqədar əməliyyat məsrəflərinin və əsaslı məsrəflərin əvəzi ancaq kontrakt sahəsində hasil edilmiş və bu məqsədlər üçün ayrılmış xam neft və ya təbii sərbəst qazla ödənilir. Bu ödəmə aşağıda göstəriləcək şəkildə aparılır. Birinci növbədə çəkilmiş əməliyyat məsrəflərinin əvəzi ödənilir. Bu da əməliyyat məsrəflərinin təbiətindən irəli gəlir. Sonra ümumi hasilatdan qalmış xam neftin və ya sərbəst təbii qazın 50 faizdən çox olmayan həcmindən əsaslı məsrəflərin əvəzi ödənilir.
Bundan sonra ümumi hasilatdan qalmış xam neftin və ya təbii sərbəst qazın 50 faizindən az olmayan həcmi mənfəətli karbohidrogenlər kimi Dövlət Neft Şirkəti və podratçılar arasında aşağıdakı cədvələ uyğun bölüşdürülür. R əmsalı 0–1 arasında olanda Dövlət Neft Şirkətinin mənfəətli karbohidrogenlərdə payı 45 faiz, podratçıların, yəni Total və ARDNŞ-nin Ortaq Neft Şirkətinin payı 55 faiz, R əmsalı 2–1 arasında olanda 55 faiz Dövlət Neft Şirkətinin, 45 faiz podratçıların payına düşür. R əmsalı 2–3 arasında olanda 70 faiz Dövlət Neft Şirkətinin, payına düşür, 30 faiz podratçıların payına düşür. R əmsalı 3–4 arasında olanda Dövlət Neft Şirkətinin payına mənfəətli karbohidrogenlərin 80 faizi, podratçıların payına 20 faizi düşür. R əmsalı 4 və ya ondan artıq olanda Dövlət Neft Şirkətinin payına mənfəətli karbohidrogenlərin 90 faizi, podratçıların payına 10 faizi düşür.
R əmsalı sonrakı kontraktlarda da qarşımıza çıxacaq. Ona görə bu barədə qısa bir məlumat verim. R əmsalının hesablanma düsturuna diqqət yetirsək, görərik ki, düsturun məxrəcində təqvim rübünün sonuna podratçıların, yəni Total və Ortaq Neft Şirkətinin çəkdiyi əsaslı məsrəflərin məbləğidir. Düsturun surətində isə növbəti təqvim rübünün sonuna podratçıların əvəzi ödənilmiş əsaslı məsrəflərinin, növbəti təqvim rübünün sonuna podratçıların əvəzi ödənilmiş maliyyə məsrəflərinin və növbəti təqvim rübünün sonuna podratçıların mənfəət karbohidrogenlərində payının dəyərinin kumulyativ məbləğinin cəmidir.
Dövlət Neft Şirkətinin, əslində, dövlətin payına düşən mənfəətli karbohidrogenləri birləşdirsək, bu cədvəl fərqli şəkildə görünür. Yadınızdadırsa, R əmsalı 1–0 arasında olanda podratçı tərəflərin payı 55 faiz idi. ARDNŞ-nin payını birləşdirsək, Azərbaycan tərəfinin payına 67, xarici podratçının payına 33 faiz mənfəətli karbohidrogenlər düşür. Xarici podratçının payına düşən karbohidrogenlər 33 faizdən 6 faizə qədər aşağı düşür və Azərbaycan tərəfinin payına düşən mənfəətli karbohidrogenlərin hissəsi 67 faizdən başlayıb 97 faizə qədər artır.
Əminəm ki, bu pay bölgüsü mexanizminin dövlət üçün nə qədər əlverişli olduğunu isbat etməyə ehtiyac yoxdur. Ancaq bölgü mexanizmi ilə əlaqədar bir faktı da yada salmağa dəyər. Azəri–Günəşli–Çıraq layihəsi üzrə neft hasilatına 1997-ci ilin noyabr ayında başlandı. Azərbaycan birinci mənfəətli neftini 1999-cu ilin dekabr ayında aldı. Podratçı tərəflər mənfəətə bundan 8 il sonra çıxa bildilər.
Karbohidrogenlərin bir növünə – təbii səmt qazına xüsusi diqqət yetirmədim. Çünki başqa sazişlərdə də olduğu kimi, neft-qaz əməliyyatlarında istifadə edilməyən təbii səmt qazı çatdırılma məntəqəsində, yəni sahildə Azərbaycan tərəfinə pulsuz verilir.
Vergi məsələləri. Dövlət Neft Şirkəti hər təqvim ili üçün hər bir podratçı tərəfin adından dövlət büdcəsinə mənfəət vergisini Dövlət Neft Şirkətinin payına düşən karbohidrogenlərin satışından əldə edilən vəsaitlərdən müvafiq mənfəət vergisi dərəcəsi ilə ödəyir. Mənfəət vergisi dərəcəsi deyəndə, bu saziş imzalanan vaxt Azərbaycanda tətbiq edilən və bu sazişin qüvvədə olduğu bütün müddət ərzində təsbit edilmiş qalan 22 faiz mənfəət vergisi dərəcəsi nəzərdə tutulur. Bununla belə, hər hansı podratçı tərəfin iştirak payının tamamilə və ya qismən üçüncü tərəfə, ya da hər hansı bir podratçı tərəfə satılması, yaxud daimi ötürülməsindən alınan xalis mənfəətdən müvafiq qaydada mənfəət vergisi tutulur. Gömrük rüsumları, fiziki şəxslərin gəlir vergisi, müvafiq sosial fondlara ödənişlər istisna olmaqla podratçı tərəflər başqa vergilərdən azad edilirlər. Eyni qaydalar və güzəştlər Əməliyyat şirkətinə də, subpodratçılara da şamil edilir. Bu məsələlərdə yerli və xarici subpodratçılar arasında fərq qoyulmur. Bunların arasında yeganə bir fərq mənfəət vergisinin ödəmə mexanizmindədir. Xarici subpodratçı görülən iş və xidmətlərdən götürdüyü mənfəətin 5,5 faizini vergi kimi ödəyir. Yerli subpodratçı mənfəət vergisini daxili qaydalara uyğun ödəyir. Bunun da səbəblərini dəfələrlə burada söyləmişik. Keçən dəfə ixrac məqsədli neft-qaz qanunvericiliyi ilə əlaqədar da bu məsələyə toxunduq. Yerli subpodratçı ilə xarici subpodratçı arasında bundan başqa fərq qoyulmur.
Bonus ödənişləri ancaq xarici podratçı tərəflərə aiddir. Saziş qüvvəyə mindiyi tarixdən 30 gün ərzində Dövlət Neft Şirkətinə 1 milyon ABŞ dolları ödənilir. İşlənmə proqramı təsdiq edilən tarixdən 30 gün ərzində Dövlət Neft Şirkətinə işlənmə proqramında müəyyən edilmiş sənaye üsulu ilə çıxarıla bilən karbohidrogenlərin xam neft ekvivalentində hər 100 milyon barelinə 1 milyon ABŞ dolları ödənilir. Sənaye hasilatının başlanma tarixindən 30 gün ərzində 25 milyon dollar ödənilir. Bundan öncə dediyim kimi, bonuslardan əlavə xarici podratçı tərəflər kəşfiyyat və əlavə kəşfiyyat dövründə kontrakt sahəsinin hər 1 kvadratkilometrinə 2 min dollar haqq ödəyirlər. Bonus və akro hesablı ödənişlərin əvəzi ödənilmir.
Sözsüz ki, başqa sazişlərdə olduğu kimi, bu sazişdə də ətraf mühitin qorunması, təhlükəsizlik, sağlamlıq məsələlərinə, texniki təhlükəsizlik standartlarına xüsusi yer ayrılıb. Misal üçün, 26-cı maddəyə, əlavə 8 və 9-a baxa bilərsiniz. Hər zaman olduğu kimi, bu sazişdə də mühasibat uçotunun aparılması qaydaları dəqiqlik və incəliklə öz əksini tapıb. Məncə, artıq bu cür sazişlər üçün standartlaşdırılmış müddəaları, qaydaları, prosedurları hər dəfə təkrarlamağa ehtiyac yoxdur.
Sazişin şərtləri, müddəaları səmərəli və əlverişli olduğundan hər bir deputat həmkarımı Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Total E&P Abşeron Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin və müvafiq qanun layihəsinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun təqdim edilmiş layihəsinin qəbul edilməsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Valeh müəllim, birinci saziş haqqında çox ətraflı məlumat verdiniz. Növbəti saziş barədə çıxışı bir az qısa edərsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sual? Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Çox geniş və ətraflı məlumat verdiyinə görə Valeh müəllimə minnətdarlığımı bildirirəm. Bəzi suallarımıza aydınlıq gətirdi. Amma bir sualım var. Valeh müəllim, bu kontrakt 30 illiyə bağlanır. Bu, az müddət deyil. Bilmək istərdim ki, 30 il ərzində bu yataqdan hasil olunacaq neftin və qazın təxminən hansı miqdarından söhbət gedir? Çox sağ olun.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Sədr. Mən, əvvəla, cari məsələlərdə çıxışıma Sizin iradlarınıza bir-iki cümlə ilə cavab verim. Siz deyirsiniz ki, bu cür məsələlər barəsində əvvəlcədən məlumat vermək lazımdır. Amma bizim təcrübə göstərir ki, nəinki şifahi, hətta yazılı məlumatlar veriləndə, icra hakimiyyəti orqanlarında olduğu kimi, bizim Milli Məclisin müvafiq komitələri və rəhbərliyi də eyni etinasızlıq nümayiş etdirir, müraciətlərimizə cavab vermir.
Konkret olaraq mən keçən iclaslarda qaldırdığım məsələni nümunə göstərə bilərəm. Bələdiyyələrin birləşdirilməsi ilə əlaqədar mənə edilmiş müraciətlərlə bağlı şəxsən Sizə yazılı müraciət etmişəm. Bu vaxta qədər nə Sizin tərəfinizdən, nə də aparatın müvafiq işçiləri tərəfindən bir cavab almışam. Mənə bu məsələ barədə heç kim heç bir izahat verməyib. Ona görə biz məcbur oluruq, bir sıra hallarda, həqiqətən, cari qaydada həll olunması mümkün olan məsələləri burada çıxışlarda səsləndirək.
Yeri gəlmişkən, bir daha o məsələyə Sizin diqqətinizi cəlb edirəm. Xahiş edirəm, aparatın müvafiq işçilərinə, habelə müvafiq komitəyə göstəriş verəsiniz, zəhmət çəkib mənim müraciətimə cavab versinlər ki, mən də seçicilərimə nə deyəcəyimi bilim. Ola bilər ki, mayın 26-sı və ya 29-da keçiriləcək iclaslardakı çıxışlarımıza da bu, öz təsirini göstərsin.
Gündəlikdəki məsələ barədə mən bir neçə kəlmə söyləmək istəyirəm. Valeh müəllim həqiqətən, çox ətraflı və müfəssəl bir çıxış etdi. Baxmayaraq ki, bu cür kontraktlar bizdə olub, əvvəlki kontraktların materialları ilə də biz tanışıq, amma bir çox məsələləri detalları ilə başa düşməyimizə, onlar barədə əlavə suallarımızın meydana gəlməməsinə şərait yaratdı. Buna görə təşəkkür edirəm.
Amma bu sahədə dəfələrlə qaldırdığımız bir məsələni bir daha bu Məclisdə səsləndirirəm. Bu həm də birbaşa Valeh müəllimə ünvanlanmış bir müraciətdir. Çünki qeyd etdiyim məsələnin qarşısında duran əsas maneə də hörmətli Valeh müəllimin mövqeyidir.
Bizə təqdim olunmuş bu qanun layihəsinin preambulasını oxuyuram: “Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının qanunvericiliyində sazişin əhatə etdiyi məsələlərin tam və müasir tələblərə uyğun olaraq nizamlanmadığını, Azərbaycan Respublikasının karbohidrogen ehtiyatları haqqında Azərbaycan Respublikası qanununun olmamasını əsas gətirərək belə bir qanunun qəbul edilməsini zəruri sayır”. Neft kontraktları ilə bağlı prosesin təxminən 20 illik tarixi olmasına bu Milli Məclisin özündə bir neçə dəfə Karbohidrogen ehtiyatları haqqında qanun layihəsinin müzakirəyə çıxarılmasına və müvafiq komitələrdə müzakirə edilməsinə, hətta birinci oxunuşda qəbul edilməsinə baxmayaraq, nə üçün Azərbaycan Respublikasının qanunvericiliyi bu və ya digər kontraktların əhatə etdiyi məsələləri tam və müasir tələblərə uyğun olaraq nizamlamır? Bunun günahkarı kimdir, bunun səbəbi nədir və buradakı motiv nədən ibarətdir? Təkrar edirəm ki, biz müasir tələblərə cavab verən və bu cür məsələləri nizamlayan qanunvericilik bazasını yaratmırıq, daha doğrusu, yaratmaq istəmirik.
Biz dəfələrlə burada bu məsələni qaldırdıqdan sonra hörmətli Valeh müəllimin bir məntiqi iradı oldu. Dedi, qanunvericilik layihəsini gətirin, müzakirə edək. Biz də müvafiq ekspertlərlə birlikdə öz imkanlarımız daxilində bir layihə hazırlayıb, Valeh müəllimin komissiyasına təqdim etdik. Çox operativ bir şəkildə müzakirə olundu və məlum oldu ki, komissiya, o cümlədən onun rəhbəri hörmətli Valeh müəllim Azərbaycan Respublikasında belə bir qanunun qəbul edilməsini konseptual baxımdan məqsədəuyğun saymır, hətta zərərli sayır. Əgər bu, məqsədəuyğun deyilsə, nə üçün bu qanunun preambulasına yazırıq ki, bu cür sazişin əhatə etdiyi məsələlər müasir tələblərə uyğun olaraq tam nizamlanmır və müasir tələblərə cavab vermir? Yenə burada yazılır ki, Azərbaycan Respublikasının karbohidrogen ehtiyatları haqqında Azərbaycan Respublikası qanununun olmadığına görə biz məcbur oluruq bu cür qanunları qəbul edək.
Nəyə görə bu məsələni mühüm və aktual bir məsələ kimi gündəmə gətirirəm? Bu cür kontraktların bağlanması sahəsində Azərbaycanda qəbul olunmuş təcrübə hasilatın pay bölgüsü formasıdır. Həqiqətən, bu, dünya miqyasında nümunə olan təcrübə toplanmasına imkan yaratmışdır. Bir sıra ölkələrin bu cür kontraktlar bağlayarkən Azərbaycan təcrübəsinə müraciət etməsi haqqında bizdə məlumatlar vardır. Bu bir örnəkdir. Bunu heç kəs inkar etmir və heç kəs də bunun müsbət tərəflərini inkar etmək fikrində deyildir. İndi bizim müzakirə etdiyimiz Abşeron yatağı ilə bağlı kontrakt haqqında da eyni sözləri demək olar. Mən mütəxəssis olmasam da, mütəxəssislərlə söhbətlər əsasında o qənaətə gəlmişəm ki, hasilatın pay bölgüsünün kontrakt forması daha optimaldır. Buna qarşı bir irad yoxdur.
Amma kontraktların başqa formaları da var. Məsələn, bundan sonra müzakirə edəcəyimiz bizim quru yataqlarda hasilatın və o cümlədən mənfəətin bölgüsü prinsipinin heç də optimal olmadığı barədə mövqelər vardır. Təkrar edirəm, əgər biz qanun qəbul etsəydik və orada hansı halda hansı formaların seçilməsinin məqsədəuyğunluğunu müəyyən etsəydik, şübhəsiz ki, bu cür məsələlərdə Azərbaycan dövlətinin maraq və mənafelərinin daha düzgün və doğru qorunmasına nail ola bilərdik. Bir daha təkrar edirəm, Prezident tərəfindən bizə göndərilmiş qanunun preambulasındakı müddəalar Azərbaycan Respublikasında karbohidrogen ehtiyatları haqqında qanunun qəbul edilməsinin, bu sahədə qanunvericiliyimizin müasir tələblərə uyğunlaşdırılmasının və bizdə bu cür məsələləri tam əhatə edən bir qanunvericilik bazasının olmasının nə qədər zəruri olduğunu açıq göstərir.
Nəyə görə sonrakı kontraktlarda hasilatın pay bölgüsünün əleyhinə iradlar səslənir? Çünki bu kontraktlar üzrə xüsusən köhnə yataqların reabilitasiyası və işlənməsi zamanı aparılan işlər çirkli pulların yuyulmasına və eyni zamanda, buradan hasil edilmiş ehtiyatın oğurlanmasına imkan yaradır. Bunlar mətbuatda yazılır, müxtəlif toplantılarda, ekspertlərin müəyyən tədbirlərində səsləndirilir. Bunlar ictimaiyyətə təsir edir və bizim özümüzün də bu məsələlərə baxışlarımızda müəyyən sualların yaranmasına səbəb olur.
Mən investisiyaların Azərbaycana cəlb olunması baxımından bu cür müqavilələrin imzalanmasına gətirib çıxaran danışıqları müsbət dəyərləndirir və çıxışımda səsləndirilən fikirlərin də hörmətli Milli Məclis üzvləri və burada iştirak edən mütəxəssislər, habelə rəhbər orqanların işçiləri tərəfindən nəzərə alınmasını xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bu çıxışda bir dənə yaxşı söz işlətdin, Pənah bəy. Dedin ki, imkanlarımıza uyğun olaraq hazırladığımız qanun layihəsi. İmkanlarınıza uyğun hazırlanmış qanun layihəsi komitədə müzakirə olundu. Sənin özünün də razılığın oldu, sübut olundu, bilindi nədir, nə deyil. İndi təzədən bunu qaldırırsan. Yəqin, Valeh müəllim buna cavab verər. Əli Məsimli buyursun.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Əvvəlcə mən Valeh müəllimə təşəkkür edirəm ki, kifayət qədər ətraflı, detallaşdırılmış və layihənin bir sıra vacib məqamlarını özündə əks etdirən çıxış etdi. İkinci, qeyd etmək istəyirəm ki, bu layihələr kifayət qədər böyük həcmli sənədlərdir. Slaydda onun məğzinin göstərilməsi, hesab edirəm ki, deputatlarda yaranan sualların xeyli hissəsini ya aradan qaldırır, ya da asanlaşdırır. Şəxsən öz payıma deyirəm ki, bir sıra məqamlar var idi, slaydın göstərilməsi həmin məqamlara aydınlıq gətirdi və mən o sualları götürürəm.
Burada dəfələrlə neft-qazla bağlı layihələr müzakirə olunub və hesab etmək olar ki, əsas istiqamətlər, əsas parametrlər deputatlara aydındır. Amma neftlə bağlı layihələr təkcə Milli Məclisdə deyil, ictimaiyyətdə də müzakirə olunur və bu zaman xeyli sayda suallar yaranır. Mən bu suallar açıq qalmasın deyə, çıxış edirəm və həmin məqamlara aydınlıq gətirilməsi istiqamətində fikirlərimi qeyd etmək istəyirəm.
Birinci, neft, sadəcə, iqtisadiyyat deyil, böyük, həm də geopolitik xarakterli bir siyasətdir. Ona görə də bu istiqamətdə atılan hər addım hər bir ölkənin həyatında hadisə olur. Mübaliğəyə yol vermədən qeyd edək ki, böyük bir zaman kəsiyində Xəzər karbohidrogenləri dünyanın diqqət mərkəzində oldu və Xəzərə, xüsusən də Azərbaycana böyük kapital axmağa başladı. Reallıqdan yanaşsaq, indi geopolitik tendensiyalar başqa bir tendensiyanı ortaya çıxarır ki, kapitalın xeyli hissəsi İraqa doğru gedə bilər. Belə bir vaxtda 12 il bundan qabaq icrasına xitam verilmiş bir layihənin yenidən canlanması, yenidən o məsələyə qayıdılması, sadəcə, kommersiya nöqteyi-nəzərindən yox, psixoloji nöqteyi-nəzərdən Azərbaycanın xeyrinə çox vacib bir addımdır ki, deməli, hələ Azərbaycanın karbohidrogen ehtiyatları tükənmir. Mən hesab edirəm ki, bu layihənin ən ciddi əhəmiyyəti bundan ibarətdir və bunu xüsusi vurğulamaq lazımdır.
İkinci məqam ondan ibarətdir ki, məhz başqa bir şirkət yox, 12 il bundan qabaq həmin layihənin dayanmasına xitam verən şirkətlərdən biri bunu həyata keçirmək istəyir. Ona görə də bu, Azərbaycan üçün, sadəcə, sıradan olan bir layihə deyil, digər layihələrin də həyata keçirilməsinə can verməkdir. Çünki bağlanan müqavilələrin, səhv etmirəmsə, təqribən yarısına qədəri hələ işləyir. Bu, digərlərinin də işlənilməsinə bir impuls vermiş olar. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, çox vacib bir layihədir. Eyni zamanda, tez-tez mənim tərəfimdən qaldırılan və narazılıqla qarşılanan bir məsələnin həlli də burada müsbət həll olunub. Bu, Azərbaycan tərəfindən mühəndis-texniki işçilər və fəhlələrin cəlb edilməsi məsələsidir. Bu məsələ, həqiqətən, çox optimal şəkildə həll olunub. Azərbaycana üstünlük verilməsini müsbət qiymətləndirirəm və hesab edirəm ki, mühəndis-texniki işçilərin 80, fəhlələrin isə 95 faizindən çoxunun azərbaycanlı olması çox vacib məqamdır.
Bütün bu layihələr müzakirə olunan zaman bir sıra standart suallar ortaya çıxır, ona görə mən bir məqamı qeyd etmək istərdim. Burada Dövlət Neft Şirkətinin nümayəndələri də iştirak edirlər. Dövlət Neft Şirkətinin mütəxəssislərinin hesablamalarına görə, haqqında söhbət gedən yataqda ən azı 200 milyard kubmetr qaz və ən azı 100 milyon tondan artıq konsentrat var. Bax, bu nöqteyi-nəzərdən bir sualım var. Mən demirəm ki, buna bütövlükdə cavab verilsin. Rəqəmlər də, 30 ilə nisbəti də göstərildi və kifayət qədər açıqlama da verildi. Qazın, konsentratın indiki bazar qiymətlərinin timsalında Azərbaycanın təqribən gəliri nə qədər olacaq? Eyni zamanda, Totalın payı nə qədər olacaq? Bax, bu çox maraq doğuran məsələdir.
İkinci məsələ. Mən bu sualın cavabını bilirəm və hesab edirəm ki, Valeh müəllimin dedikləri ilə də razılaşacağam, çünki Azərbaycanın xeyrinə olan məqamdır. Birinci müqavilə bağlanan zaman Azərbaycanın iştirak payı 50, Şevronun iştirak payı 30, Totalın iştirak payı 20 faiz idi. İndiki müqavilədə Azərbaycanın payı 40, Totalın payı 60 faizdir. Bu nisbətin dəyişməsi hansı ehtiyaclardan əmələ gəldi? Yenə də təkrarlayıram ki, cavab aydındır. Mən bunu bütövlükdə ictimaiyyət üçün qeyd edirəm.
Üçüncüsü, Azərbaycan Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında çox fəal və səmimi iştirak edir. İndi Qərbin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin səviyyəsinə gəlib çıxıb. Deməli, Azərbaycan Qərbin milli təhlükəsizliyinin qorunmasında fikirdə, sözdə, işdə səmimi şəkildə iştirak edir. İndiyə qədər bağlanılan müqavilələrdə təxminən 20 ölkədən 30 şirkət iştirak edir. Mən istərdim ki, onlar da Azərbaycanın təhlükəsizlik məsələlərində o cür səmimiyyətlə iştirak etsinlər.
Bu həm Qarabağ məsələsinə aiddir, həm də qondarma erməni soyqırımına. Deyilə bilər ki, onun bizə aidiyyəti yoxdur. 100 faiz aidiyyəti var, çünki ərazimizin işğalına haqq qazandırılması üçün həmin oyunlar ermənilərə çox vacibdir. Hesab edirəm ki, bu istiqamətdə fəallığın artırılması çox vacibdir.
“BP” hər il gördüyü işlər barəsində və sair istiqamətdə hesabat verir. Səhv etmirəmsə, Total da 10 ildən artıqdır ki, Azərbaycanda işləyir və bir sıra yataqlarda onun payları var. Bu istiqamətdə cəmiyyətlə təmas nöqteyi-nəzərindən hesabatlar veribmi və bu sahədə onun fəaliyyətində əlavə nələr gözləniləcək?
Valeh müəllim, mən yenə bu məsələni qaldırmaq istəyirəm. Standart bir sualdır. Birinci mərhələnin bütün ağırlığını Total öz üzərinə götürür və Azərbaycan heç bir riskə getməyəcək. Amma ikinci mərhələdə, təbii ki, hərənin öz payı olacaq. İndiki böhran şəraitində gözlənilən ilkin və digər müddətlərdə Totalın bu layihəyə qoymağa vəsaiti varmı və onun mənbəyi nədən ibarətdir? Orada şərt var ki, lazım gəlsə, kontrakt sahəsi genişlənəcək. Valeh müəllim, kontrakt sahəsi genişlənəndə o, indiyə qədər bağlanmış, yaxud da bağlanmaqda olan müqavilələrdəki digər sahələrin ərazisinə keçib əlavə problem yaratmayacaqmı?
Nəhayət, sonuncu sual. Son dövrlərdə İranla əlaqədar yataqla bağlı yeni informasiyalar gəlir. İran tərəfi həmin yataqların işləməyə başlaması istiqamətində addımlar atmaq istəyir, səy göstərir. Bu nə qədər həqiqətə uyğundur? Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Mən Valeh müəllimin ətraflı çıxışına diqqətlə qulaq asdım. Bundan əlavə, mütəxəssislərlə də fikir mübadiləsi aparmışdım. Mütəxəssislərin qənaətinə görə, bu sazişin şərtləri indiyə qədər bağlanan bütün sazişlərin şərtlərindən əlverişlidir. Bu nə ilə sübut olunur? Birincisi, blokun yerləşdiyi ərazi çox mürəkkəbdir. Orada dənizin təxminən 6,5–6,7 metr dərinliyində işlər aparılmalıdır. Kəşfiyyat işlərinin bütün xərclərini də Total öz üzərinə götürür. Deməli, Azərbaycan heç bir riskə yol vermir.
Digər tərəfdən, əvvəlki illərdə Azərbaycanın gəliri 45 faiz olsa da, sonradan bu, 90 faizə qədər artmalıdır. Mən belə kontraktlar bağlananda həmişə diqqət yetirmişəm ki, bu kontraktlarda azərbaycanlıların işlə təmin olunmasına nə dərəcədə əhəmiyyət verilir. Sazişdə bu məsələ çox gözəl həll olunur. Əvvəla, ilk 5 ildə mühəndis və texniki işçilərin 50–70 faizi bizimkilər olacaq. Sonra bu rəqəm 90 faizə çatmalıdır. Fəhlələrin isə ilk 5 ildə 80 faiz, sonrakı illərdə 95 faizi azərbaycanlılar olacaqdır. Ona görə mən elə hesab edirəm ki, bu sazişi təsdiq etmək lazımdır. Bu sənəd Azərbaycanın maraqlarına uyğundur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Həqiqətən də, hörmətli Valeh müəllim sazişi geniş, hərtərəfli şəkildə və peşəkarcasına bizə çatdırdı. Onu da qeyd edim ki, Milli Məclisin bu tipli sazişlərlə əlaqədar böyük təcrübəsi var. Biz Əsrin kontraktının imzalanmasından bu yana müxtəlif kontraktları müzakirə etmişik və sual doğuran məsələlər burada geniş şəkildə təhlil olunub. Hər dəfə növbəti müqavilələr Milli Məclisə təqdim olunanda əvvəlki müqavilələrdə bu və ya digər məsələlər vardısa, bunlar öz həllini tapıbdır. Hörmətli Əli Məsimli çıxışında psixoloji amil barədə dedi. Doğrudan da, burada böyük psixoloji amil var. Biz dünya bazarında neftin qiymətində baş verən dəyişikliklər fonunda Azərbaycana yatırım qoyulması məsələsini xüsusi qabartmalıyıq. Bu, olduqca vacib bir məsələdir. Yəni bu gün dünyanın aparıcı neft şirkətləri ayrı-ayrı yerlərdə özlərinin investisiya proqramlarını məhdudlaşdırdığı bir şəraitdə Azərbaycana investisiyalar gəlirsə, bu, Azərbaycanın investisiya baxımından cəlbedici ölkə olmasını göstərir. Digər tərəfdən, bu həm də Xəzərin karbohidrogen ehtiyatlarının, Azərbaycanın neft, qaz ehtiyatlarının dünya bazarına çıxarılması istiqamətində hakimiyyətin apardığı düzgün siyasətin nəticəsi kimi də qeyd olunmalıdır.
Burada bəzi məsələlər qaldırıldı. Mən onlara birbaşa cavab vermək niyyətində deyiləm. Ancaq bir məsələ aydındır ki, həqiqətən də, hasilatın pay bölgüsü qaydası ilə müqavilələrin imzalanması ən mütərəqqi qaydadır və Azərbaycan Respublikasında bununla bağlı qanun məsələsinə gəldikdə isə bu da gələcəyin işidir. Mən hesab edirəm ki, biz bu sazişə səs verməliyik. Ümumilikdə götürdükdə sazişin prinsipləri, iqtisadi, siyasi və digər əhəmiyyəti ilə bağlı burada mübahisə doğuracaq heç bir məsələ yoxdur. Mən sazişə tərəfdaram və hörmətli həmkarlarımı da bu sazişi müdafiə etməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, Valeh müəllim bu sazişlə bağlı millət vəkillərinə çox geniş və ətraflı məlumat verdi. Mən hesab edirəm ki, indiyə kimi müzakirə olunan qanun layihələri ilə müqayisədə bu gün Valeh müəllimin bütün detallar üzrə məsələni aydınlaşdırması hər hansı bir sualın yaranması üçün əsas yaratmadı.
Hörmətli millət vəkilləri, Azərbaycan indi Avropanın enerji təminatının mərkəzi qərargahlarından birinə çevrilmişdir. Bu bizim böyük uğurumuz, nailiyyətimizdir. Mən hesab edirəm ki, sazişin bütün şərtləri əvvəlki sazişlərdən tamamilə fərqlənir. Ona görə ki, biz qanunvericilikdə və eləcə də beynəlxalq müqavilələrin, sazişlərin bağlanmasında böyük təcrübə əldə etmişik.
Məndən əvvəl çıxış edən deputat həmkarlarım da bunu bildirdilər, biz artıq özümüzün neft siyasətimizdən dünyada qələbələrin, uğurların qazanılmasında ən mükəmməl bir vasitə kimi istifadə etmişik. Azərbaycanın dünyada həm siyasi, həm də iqtisadi cəhətdən tanınmasında bizim Heydər Əliyev tərəfindən müəyyən olunan neft strategiyamız olduqca mühüm rol oynamışdır. Mən hesab edirəm ki, burada azərbaycanlı mühəndis-texniki işçilərin sayının çoxalması, pay bölgüsü, ümumiyyətlə, bütün məqamlar Azərbaycan üçün olduqca sərfəlidir. Buna görə mən də bu sazişin səsə qoyulmasını təklif edirəm və bütün deputat həmkarlarımı da ona səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Valeh müəllim, xahiş edirəm, sualları qısa şəkildə cavablandırın, sonra səsverməyə keçək.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Pənah bəyin dediklərindən başlayım. Dediyi hər bir şeyi başa düşə bilərdim, ancaq bu sazişlərlə bağlı işlətdiyi “korrupsiya”, “çirkli pullar” və sair kimi ifadələri başa düşmək olmur. BMT-nin müvafiq qurumunun Dövlət Neft Fondunun işinə verdiyi qiymət, şəffaflığa görə verilən xüsusi mükafat, yəqin ki, sizə məlumdur. Bu, şəffaflıq təşəbbüsünə qoşulan ölkələrdən ancaq Azərbaycanda tətbiq olunur. Ona görə xahiş edirəm, bu sazişlərə, onlardan gələn gəlirlərə o  sözləri yaraşdırmayın.
Mən sizə dəfələrlə demişəm, harada deyirsiniz, qanunla bağlı müzakirəyə hazıram. Ancaq sizin verdiyiniz qanun layihəsində də dəqiq yazılmışdı ki, – xahiş edirəm, bunu diqqətlə dinləyəsiniz, – nəticə olaraq kontrakt yazılmalıdır və o, Milli Məclisdə müzakirə edilib, qəbul olunmalıdır. Əgər kontrakt Milli Məclisdə qəbul olunursa, bu, xüsusi qanun olur. Hüquqşünaslar təsdiq edə bilərlər ki, hər bir xüsusi qanunun müddəaları, şərtləri ümumi qanunun müddəaları və şərtlərindən üstündür. Amma bir şey var. Hər hansı bir qanun qəbul etsək və kontraktlar bura gəlməsə, Pənah bəy, birinci Siz deyəcəksiniz ki, burada çirkli pullar, korrupsiya var, kontraktı bizdən gizlədirlər. Millət hər şeyi görür, eşidir. Azərbaycan yeganə ölkədir ki, bütün kontraktlar çap olunur, kitabxanalara paylanılır. Bunlar hamı üçün aydın və aşkardır.
Vahid müəllim, işlənmə və hasilat proqramında nə qədər neft və qaz ehtiyatları olacağı məlum deyil. Bu, kəşfiyyat kontraktıdır və ona görə bu gün 200 milyard deyən də, 2 trilyon deyən də haqlıdır. Heç kim bunu bilmir. Quyu son qatadək qazılmamış, oradan neft, qaz çıxarılmamış, əlavə quyular işlənməmiş, dəyərləndirmə işləri aparılmamış heç kim heç bir şey deyə bilməz. Yadınızdadırsa, “Şahdəniz”lə bağlı birinci quyudan sonra 140 milyard dedilər, ikinci quyudan sonra 300 neçə, 400 neçə söylədilər. Mən əminəm ki, bu hələ artacaqdır. Eyni şəkildə “Azəri-Çıraq”. O qədər quyu qazılmışdı. Əvvəl 510 dedik, indi milyardı keçibdir. Ona görə də “hasilat proqramında nə olacaq”, o ancaq kəşf və onun işlənməsi haqqında bildiriş veriləndə, işlənmə-hasilat proqramı tərtib ediləndə məlum olacaq. Birinci ehtimal onda yazılacaq, amma o ehtimal da yenə doğru olmayacaq. Çünki o quyular qazıldıqca vəziyyət dəyişəcəkdir.
Əli müəllim, səsləndirdiyiniz o psixoloji məsələ ilə əlaqədar bir neçə kəlmə demək istəyirəm. Mənim sinə döyməklə, ya da məsələni başqa cür çatdırmaqla heç vaxt aram olmayıb. Tarixi arayışı ona görə verdim ki, hamı— fikirləşən, bilən insanlar qiymət versinlər ki, neçə ildən sonra böhrana, neftin və qazın qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycana yenə də sərmayəçi, özü də bu qədər böyük şirkət gəlir. Bu arayışı ona görə verdim. Azərbaycanın və Totalın gəlirləri barədə heç nə deyə bilmərəm, çünki ehtiyatları bilmirəm. Ehtiyatları biləndən sonra hamısını xırdalayıb deyə bilərəm. Ortaq Neft Şirkətinin bundan öncəki sazişdə payı 50 faiz idi, indi 40 faizdir. Mənim fikrimcə, bu bir o qədər önəmli deyil. İkincisi də, yəqin ki, Dövlət Neft Şirkətinin mütəxəssisləri öz risklərini başqa layihələrdəki risklərlə bərabər qiymətləndirib, ölçüblər. Mən bildiyim qədər bu işlər belə aparılır. Riskli müddətdə, böhran şəraitində böyük şirkətlər həmişə ehtiyatlı olurlar. Bir də ki, Rotçilt ailəsinin Parisdə yaşamış banisi deyib ki, böhran – pessimizm şəraitində alın, optimizm şəraitində satın. Yəqin ki, indi bunlar yerlilərinin sözünə qulaq asıb riskli şəraitdə almaq qərarına gəliblər.
Diqqətlə dinlədiyinizə və Dövlət Neft Şirkətinin müvafiq qurumlarının işinə yüksək qiymət verdiyinizə görə haminiza minnətdaram. Əmin ola bilərsiniz ki, bu kontraktlarda Azərbaycanın mövqeyi, mənafeyi ən yüksək səviyyədə qorunub. Artıq bizim kontraktlar bütün dünyada tanınıb. Pənah bəy də məcburdur qəbul etsin ki, artıq bunlar model şəklində qəbul edilib və başqa ölkələrdə tətbiq olunur. Çox sağ olun, minnətdaram.
Sədrlik edən. Valeh müəllim, çox sağ olun, sualları ətraflı cavablandırdınız. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 13.45 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Valeh müəllim, Siz, yəqin ki, indi gündəliyin üçüncü məsələsi – Kürovdağ neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında qanun layihəsi barədə məlumat vermək istəyirsiniz, elədirmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
V. Ələsgərov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq məktubu ilə Milli Məclisə Azərbaycan Respublikasında Kürovdağ yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qlobol Enerci Azərbaycan Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında 2009-cu il fevralın 3-də Bakı şəhərində imzalanmış Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmişdir. Kürovdağ yatağı haqqında qısa məlumat vermək istəyirəm. Kürovdağ yatağının sənaye neft-qazlığı hələ 1955-ci ildə aşkar edilmişdir. Yarıməsrlik işlənmə dövründə yataqda 1151 quyu qazılmışdır. Onlardan da 178-i kəşfiyyat quyusu olmuşdur. Bu qədər böyük miqdarda kəşfiyyat quyusunun qazılması yatağın nə qədər mürəkkəb quruluşu olduğunu göstərir. İstismar dövrü ərzində yataqdan cəmi 39 milyon tona yaxın neft hasil olunmuşdur və bu günə çıxarıla bilən qalıq neft ehtiyatları 4,5 milyon tona yaxındır. Bu gün yataqda 320 quyu istismardadır. Bu quyulardan 2008-ci ildə 197 min 600 ton xam neft, 1 milyon 201 min 200 ton lay suları hasil edilmişdir. Yəni quyulardan hasil edilən mayenin 86 faizi lay sularıdır. Təsəvvür edin ki, bütün xərclərin, əmək əziyyətinin 86 faizi heç bir dəyəri olmayan lay sularının neftlə bərabər hasilatına, neftdən ayrılmasına, nəqlinə və sairə sərf edilir.
Bununla bərabər, il ərzində 17, 2 milyon kubmetr təbii səmt qazı hasil edilmişdir. Bir istismar quyusuna düşən orta gündəlik hasilata nəzər yetirsək, görərik ki, bir istismar quyusundan gündə 1,6 ton neft, 10 ton lay suları hasil edilir. Hasilatına görə çox xırda bir müəssisədə 1100 nəfərə yaxın işçi heyəti çalışır, onlardan da 8-i yabançıdır.
Təqdim edilmiş sazişin tərəfləri bir tərəfdən hökumət təşkilatı qismində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, o biri tərəfdən Britaniya Vircin Adaları qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş və fəaliyyət göstərən Qlobol Enerci Azərbaycan Limited Şirkəti və bütünlüklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olacaq və onun tərəfindən yaradılacaq ARDNŞ-ninOrtaq Neft Şirkətidir. Tərəflər arasında bu sazişin əsas kommersiya prinsipləri və müddəalarına dair müqavilə razılaşdırılıb imzalanandan sonra Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 17 noyabr tarixli 46 saylı sərəncamına uyğun olaraq Dövlət Neft Şirkətinə yuxarıda qeyd etdiyim müqavilədə razılaşdırılmış əsas kommersiya prinsipləri və müddəaları əsasında sazişin hazırlanması, Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində sazişin qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyətləri verilmişdir.
Bildiyiniz kimi, Kürovdağ yatağı Dövlət Neft Şirkəti və İngiltərənin VaytHoll İnterneyşnl Treyders LP şirkəti arasında 1995-ci il 25 dekabr tarixli saziş əsasında yaradılmış “Şirvan Oyl” müştərək müəssisəsi tərəfindən istismar edilirdi. Bu müddət ərzində müştərək müəssisə formatının həm müsbət, həm də mənfi cəhətləri açıq-aydın göründü və tərəflərin razılığı ilə 2004-cü ildə hasilatın pay bölgüsü haqqında saziş imzalanması nəzərdə tutuldu. Xarici tərəfdaş tərəfindən bəzi şərtlər yerinə yetirilmədiyinə görə bu saziş qüvvəyə minmədi. Nəticədə 2008-ci ilin mart ayında “Şirvan Oyl” müştərək müəssisəsinin xarici tərəfdaşının iştirak payı Qlobol Enerci Azərbaycan Limited Şirkəti tərəfindən satın alınmış və müştərək müəssisə yeni tərkibdə fəaliyyətinə davam etmişdir. Ancaq hər bir tərəf üçün aydın idi ki, vaxtilə köhnə yataqlar üçün optimal sayılan müştərək müəssisələr formatı artıq özünü doğrultmur, köhnə yataqların daha səmərəli işləməsini, daha çox sərmayələrin cəlb edilməsini və neft hasilatının həm həcminin artırılmasını, həm də daha mənfəətli olmasını təmin edə bilmir. Lazım bilsəniz, bu mövzunu daha geniş açıqlamaq olar, ancaq icazə verin, mən kontrakta keçim.
Haqq-ədalət naminə demək lazımdır ki, müştərək müəssisələr vaxtilə öz funksiyalarını yerinə yetirdilər. Hansı mənada? Köhnə yataqlarda dağılan infrastrukturun, quyuların qorunub saxlanılması, təzələnməsi, bərpası, neft hasilatının saxlanması, hətta bir az artırılması və ən önəmlisi, bu zonada 1100 nəfərin işlə təmin olunması, minlərlə insanın, ailələrin layiqli həyat sürməsinə imkan yaradılması, heç şübhəsiz ki, böyük iş idi.
Kürovdağ yatağının işlənməsini daha səmərəli, mənfəətli, müasir tələblərə uyğun təmin etmək üçün qənaətbəxş iqtisadi hüquqi bazanın yaradılmasını təmin edən pay bölgüsü haqqında sazişin formatı iştirakçılar tərəfindən seçilmiş və bu saziş tərəflərin razılığı ilə imzalanmışdır.
Sazişdə podratçı tərəflərin iştirak payları belədir: Qlobol Enerci Azərbaycan Limited Şirkəti 80 faiz, ARDNŞ-nin Ortaq Neft Şirkəti 20 faiz. Bu başdan deyim ki, 20 faiz köhnə yataqda, çox riskli olan layihədə iştirak etməyin risklərinin ölçülməsindən irəli gəlibdir. Lazım bilsəniz, bunu daha geniş izah edərəm. Hər bir podratçı tərəfin saziş üzrə hüquqları, maraqları, öhdəlikləri bu faizlərə müvafiq təsbit edilir. Qeyd edim ki, podratçı tərəflərin ən önəmli öhdəliklərindən biri neft-qaz əməliyyatlarını beynəlxalq neft-qaz sənayesində hamılıqla qəbul edilmiş və sazişdə öz əksini tapmış qaydalara, prinsiplərə, tələblərə, standartlara uyğun olaraq işgüzarlıqla, təhlükəsiz və səmərəli şəkildə aparmaqdır.
Podratçı tərəflərə bu sazişin şərtlərinə uyğun olaraq, onun qüvvədə olduğu müddət ərzində kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatları aparmaq üçün vahid və müstəsna hüquq verilir. Bununla bərabər, bu saziş yerin təki ilə, hər hansı başqa təbii ehtiyatlarla bağlı neft-qaz əməliyyatlarından savayı hər hansı başqa fəaliyyət növü ilə məşğul olmaq üçün podratçı tərəflərə heç bir hüquq vermir. Podratçı tərəflərin neft-qaz əməliyyatları ilə əlaqədar çəkdikləri hər hansı xərclərin, məsrəflərin əvəzinin ödənilməsi mənbəyi yenə də ancaq və ancaq kontrakt sahəsindən hasil edilmiş xam neft və ya təbii sərbəst qazın ümumi həcmindən xərclərin, məsrəflərin əvəzinin sazişin şərtlərinə uyğun ödənilməsi üçün ayrılmış xam neft və ya təbii sərbəst qaz ola bilər. Əgər hər hansı səbəbdən hasil edilmiş xam neft və ya təbii sərbəst qazın məsrəflərin əvəzinin ödənilməsi üçün ayrılmış hissəsi bunun üçün yetərli olmazsa, podratçı tərəflər əvəzi ödənilməmiş məsrəflərin başqa şəkildə və başqa mənbədən əvəzinin ödənilməsi və ya kompensasiya edilməsi hüququna malik deyillər.
Kontrakt sahəsi, ikinci əlavədə göstərildiyi kimi, coğrafi koordinatlar perimetri daxilində şaquli vəziyyətdə olan formasiyalar, laylar, horizontlar və onlardakı karbohidrogenlərdən ibarətdir. Kontrakt sahəsinin ümumi ərazisi 115 kvadratkilometrdir. Bununla bərabər, əgər kəşfiyyat işləri nəticəsində yatağın kontrakt sahəsinin hüdudlarından kənara çıxması müəyyən olunarsa, Dövlət Neft Şirkətinə belə bir hüquq verilir ki, kontrakt sahəsinin hüdudlarını genişləndirsin. Bu genişlənmiş sahə də kontrakt sahəsi hesab olunacaqdır.
Hər zaman olduğu kimi, kontrakt sahəsində kəşfiyyat, dəyərləndirmə, işlənmə, neftin, qazın çıxarılması, nəqli və sair ilə əlaqədar bütün maliyyə vəsaitlərini podratçı tərəflər təmin edir. Ancaq bir istisna var. Bayaq çirkli pullar haqqında danışdılar. Xahiş edirəm, dinləyin, görün, kimsə çirkli pullar adı ilə bu şərtə gedərmi? Sazişin qüvvəyə minmə tarixindən başlayan müddət ərzində ARDNŞ-nin Ortaq Neft Şirkətinin payına düşən maliyyələşdirmə öhdəliklərini xarici podratçı tərəf öz boynuna götürür. Bu hansı müddətdir? Bu müddət qüvvəyə minmə tarixindən başlayır və o zaman bitir ki, kontrakt sahəsində xam neftin orta gündəlik hasilatı dörd ardıcıl təqvim rübü ərzində qüvvəyə minmə tarixinə olan gündəlik hasilatdan azı 2 dəfə artıq olacaq. Hasilat azı 2 dəfə artıq olmayana qədər bu yataqda bütün vəsaitləri, o cümlədən Ortaq Neft Şirkətinin payına düşəni xarici podratçı tərəf təmin edir.
Belə bir şərtin sazişdə yer alması çox önəmlidir. Çünki bu bir tərəfdən, ilkin mərhələdə köhnə yataqda, riskli bir yerdə Ortaq Neft Şirkətinin maliyyə və başqa risklərini azaldır, o biri tərəfdən, xarici podratçı tərəfi işləri daha səmərəli, daha mütəşəkkil qurmağa təşviq edir. Maliyyə yükünü azaltmaq istəyən hasilatın azı iki dəfə artmasına çalışacaq ki, bunu daha qısa bir müddətə, daha səmərəli şəkildə təmin etsin. Bu müddət bitəndən sonra Ortaq Neft Şirkəti maliyyə öhdəliklərinə özü məsuliyyət daşıyır.
Bununla əlaqədar qısa da olsa, iki məqama toxunmaq istərdim. Əgər ARDNŞ-nin Ortaq Neft Şirkəti öz iştirak payını 20 faizdən çox artırarsa, bu halda xarici podratçı ancaq 20 faizi maliyyələşdirəcəkdir. Artıq hissəni Ortaq Neft Şirkəti özü gərək maliyyələşdirsin. Xarici podratçının yuxarıda deyilən müddət ərzində təmin etdiyi maliyyələşdirmənin əvəzi ancaq Ortaq Neft Şirkətinin payına düşən məsrəflərin əvəzinin ödənilməsi üçün ayrılmış xam neft və ya sərbəst təbii qazla ödənilir. Ortaq Neft Şirkəti lazım bilərsə, – bu, Ortaq Neft Şirkətinin hüququdur, öhdəliyi deyil, – maliyyələşdirmənin ödənilməmiş balansının əvəzini öz payına düşən mənfəətli karbohidrogenlərlə tamamilə və ya qismən ödəyə bilər.
Sazişin qüvvəyə minmə tarixindən sonra 90 gün müddətində podratçı kontrakt sahəsinin bərpa və hasilat proqramının layihəsini hazırlayıb Dövlət Neft Şirkətinin təsdiqinə təqdim etməlidir. Xahiş edirəm, buna da diqqət yetirəsiniz, bərpa və hasilat proqramında podratçılar elə tədbirlər nəzərdə tutmalıdırlar ki, podratçı proqram təsdiq edilən gündən başlayan iki il ərzində 2008-ci ilin xam neft hasilatının orta gündəlik səviyyəsindən ən azı 1,5 dəfə artıq səviyyəni aşağısı 90 ardıcıl gün ərzində təmin edə bilsin. Fors-major halları istisna olmaqla, əgər podratçı bərpa və hasilat proqramını göstərilən 90 gün ərzində Dövlət Neft Şirkətinə təqdim edə bilməsə və ya təsdiq edilmiş proqramda göstərilən müddət, yəni iki il ərzində neft hasilatını 1,5 dəfə artıra bilməsə, onda bu hadisələr köklü pozuntu sayılır və nəticədə Azərbaycan Dövlət Neft Şirkəti bu sazişin qüvvəsinə xitam vermək hüququna malikdir. Bu halda podratçının xitam verilmə tarixinədək əvəzi ödənilməmiş məsrəflərinin xərclərinin əvəzi ödənilmir. Xahiş edirəm, bu məqama xüsusi diqqət yetirəsiniz.
Bərpa və hasilat proqramı podratçı tərəfindən təqdim edildiyi tarixdən 60 gün ərzində Dövlət Neft Şirkəti bu proqramı ya müəyyən dəyişikliklər və əlavələrlə qəbul edə, ya da rədd edə bilər. Bərpa və hasilat proqramı təsdiq edilən gündən işlənmə və hasilat dövrü başlayır və bu dövr 25 il davam edə bilər. Lazım olarsa, bu dövr 5 il də uzadıla bilər. Layihəni idarə edən rəhbər komitə və digər məsələlərlə bağlı yeni bir şey deyə bilməyəcəyəm, onları təkrar eləməyə məcbur olacağam. Əməliyyat şirkətidir, işçi heyətidir, standartlardır və sairdir, yəqin ki, bunları təkrar eləməyə ehtiyac yoxdur.
Sədrlik edən. Valeh müəllim, tənəffüsə 5 dəqiqə qalıb. Onları demisiniz, təkrar etmək lazım deyil.
V.Ələsgərov. Onda icazə versəniz, mən bununla çıxışımı bitirərdim. Xahiş edirəm ki, sazişi qəbul edəsiniz, ona səs verəsiniz. Tərəflərə də uğurlar arzulayırıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 14.03 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  2
Səs vermədi  1
İştirak edir  95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Tənəffüs.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. İclasımızı davam etdiririk. Valeh müəllim, buyurun, gündəliyin ikinci məsələsinə dair məlumat verin.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Üçüncü sazişin də qəbul edilməsi üçün onun təqdimatına ehtiyac var. Saziş Neftçala, Xıllı, Durovdağ–Babazanan kəşfiyyat strukturuna və bunlara bitişik olan kəşfiyyat zonasına aiddir. Bunların içində ən böyüyü Neftçala yatağıdır, 1930-cu illərdən istismardadır. Bunlar köhnə yataqlardır. Neftçala və Xıllı neft yataqlarıdır. Neftçala yatağında 8 milyon tona yaxın, Xıllıda 231 min ton neft ehtiyatları olduğu ehtimal edilir. Durovdağ qaz yatağıdır. Çox az miqdarda qaz istehsal olunur və ehtiyatları da aşağı səviyyədədir. Ancaq buna baxmayaraq, belə ehtimal edilir ki, yeni texnologiyalar, yeni üsullar tətbiq edərək bu yataqlarda neft və qaz hasilatını artırmaq olar. Ola bilsin ki, yeni kəşflər nəticəsində yeni ehtiyatları istismara daxil etmək olar.
Yataqların işlənməsi və tərəflərin münasibətlərini tənzimləyən sazişi bir tərəfdən hökumət təşkilatı qismində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, o biri tərəfdən podratçılar Britaniya Vercin Adaları qanunvericiliyinə uyğun olaraq təsis edilmiş, qeydiyyatdan keçmiş və fəaliyyət göstərən Neftçala İnvestments Limited Şirkəti və bütünlüklə ARDNŞ-ə məxsus olacaq və onun tərəfindən yaradılacaq Ortaq Neft Şirkəti imzalayıblar. Neftçala İnvestments Limited Şirkətinin iştirak payı 80 faiz, ARDNŞ-nin Ortaq Neft Şirkətinin isə 20 faizdir. Bundan öncə təqdim etdiyim sazişdə olduğu kimi, hər bir podratçı tərəf öz hissəsinin iştirak payına düşən məsrəfləri özü ödəməlidir. Hüquqlar, maraqlar, öhdəliklər tərəflərin iştirak payına uyğun olaraq təsbit edilir. Ancaq yenə də bir istisna var. Maliyyələşmədə xarici podratçı tərəf orta gündəlik neft hasilatı 2008-ci ilin səviyyəsindən 2 dəfə artıq olan 4 ardıcıl təqvim rübündən ibarət ilk müddət başa çatanadək məcburdur ki, Ortaq Neft Şirkətinin maliyyə yükünü daşısın. Bu müddət bitəndən sonra Ortaq Neft Şirkəti özü öz iştirak payını maliyyələşdirməlidir. Əvəzinə çəkilmiş məsrəfləri ancaq Ortaq Neft Şirkətinin payına düşən və bu məqsədlər üçün ayrılmış karbohidrogenlər – xam neft və təbii sərbəst qazla ödəyə bilər. Ortaq Neft Şirkətinin hüququdur, öhdəliyidir, istəsə, bunu payına düşən mənfəətli karbohidrogenlərlə də tamamilə və ya qismən ödəyə bilər.
Bərpa və hasilat proqramı təqdim ediləndə mütləq xarici podratçı öhdəlik götürməlidir. Tədbirləri elə təqdim etməlidir, elə hazırlamalıdır ki, bu proqram təsdiq ediləndən sonra 2 il ərzində orta gündəlik neft hasilatını 2008-ci ilin səviyyəsinə nisbətən ən azı 1,5 dəfə artıra bilsin, bu göstəricini aşağısı 90 təqvim günü ərzində təmin edə bilsin. Əgər bərpa və hasilat proqramı təqdim edilməzsə və bu öhdəlik yerinə yetirilməzsə, Dövlət Neft Şirkətinin ixtiyarı var ki, sazişə xitam versin. Bununla əlaqədar xarici podratçı tərəfin çəkdiyi xərclər ödənilmir. Bonuslar da nəzərdə tutulubdur.
Bundan başqa, kompensasiya xam nefti nəzərdə tutulub. Qüvvəyə minmə tarixindən başlayaraq hər ay podratçı tərəflər hasil etdiyi neftin 40 faizini mütləq şəkildə Dövlət Neft Şirkətinin xeyrinə pulsuz tədarük etməlidirlər. Bunun tam həcmi 80 min tona çatana qədər bu, davam edəcəkdir. Bundan öncəki sazişdə bu miqdar 207 min ton idi. Bu da çox önəmlidir və sazişin Azərbaycan tərəfi üçün nə qədər mənfəətli olduğunun göstəricisidir. Mənfəətli karbohidrogenlərin bölüşdürülməsi bundan öncəki sazişə uyğun şəkildə həyata keçirilir. Düzdür, birinci mərhələdə R əmsalı sıfırla bir arasında olanda podratçı tərəflərin mənfəət hissəsi Dövlət Neft Şirkətinin hissəsindən artıqdır. Ancaq Dövlət Neft Şirkətinin və Ortaq Neft Şirkətinin hissələrini üst-üstə gələndə birinci mərhələdən başlayaraq Azərbaycan tərəfinin mənfəətli karbohidrogen hissəsi xarici podratçının hissəsindən artıqdır.
Digər məsələlər standartlaşdırılmış şəkildə yazıldığına görə, təkrara ehtiyac duymuram. İcazə versəydiniz, bununla çıxışımı bitirərdim. Əminəm ki, bu sazişi də dəstəkləyəcəksiniz, ona səs verəcəksiniz. Bu saziş müəyyən prosedurlardan keçəndən sonra qüvvəyə minəcək və tətbiq ediləcəkdir. Bu gün bu sahədə cəmi 45 min ton neft hasil edilir. Bu yataqlarda il ərzində 686 nəfər Azərbaycan vətəndaşı, ancaq bir nəfər xarici vətəndaş çalışır. Mənim üçün bu daha önəmlidir. Həm də bu saziş xarici podratçıya yeni sərmayələr cəlb edib hasilatı artırmağa imkan verir. Təşəkkür edirəm. Suallarınız olsa, cavab verməyə hazıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Birinci kontraktı o qədər təfsilatı ilə təqdim etdiniz ki, suallara ehtiyac qalmadı. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 16.14 dəq.)
Lehinə  83
Əleyhinə  0
Bitərəf  3
Səs vermədi  0
İştirak edir  86
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin dördüncü məsələsinin müzakirəsinə keçirik. Çox vacib və yeni bir qanun layihəsidir. Bədən tərbiyəsi və idman haqqında qanun layihəsinin müzakirəsinə başlayırıq. Bugünkü iclasda qonaqlar da iştirak edirlər. Qanun layihəsi 11 fəsildən, 66 maddədən ibarətdir. Çox mükəmməl bir qanun layihəsi hazırlamısınız. Buyurun, Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bir neçə gündən sonra Milli Məclisin yaz sessiyası başa çatır. Azərbaycan parlamenti sessiyadan sessiyaya, iclasdan iclasa qanun yaradıcılığı prosesində daha da püxtələşir, ulu öndərimiz Heydər Əliyev dühasının siyasi xəttinə sadiq olduğunu bir daha sübut edir. Millət vəkillərinin qəbul etdiyi qanunlar Azərbaycan xalqının mənafeyinə, onların rifahına və xoş gələcəyinə xidmət edir. İndi müzakirəsini başlayacağımız qanun layihəsi də belə sənədlərdən, belə təşəbbüslərdən biridir.
Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının yenidən daha geniş vüsət alması çox hörmətli cənab İlham Əliyevin Olimpiya Komitəsinin sədri seçildiyi 12 il bundan öncəki tarixdən başladı. Respublikamız dünyanın idmana qayğı göstərən və idmansevər ölkələrindən biri imicini qazandı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sosial siyasətinin başlıca prioritetlərindən biri məhz idman oldu və indi də belə qalır. Ölkə başçısı idmana və idmançılara, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsinə, kütləviliyinin təmin edilməsinə, peşəkar idmançıların yetişdirilməsinə xüsusi diqqət və qayğı göstərir.
Bu gün ölkəmizdə 3 idman sarayı, 19 olimpiya kompleksi, 9582 idman qurğusu fəaliyyət göstərir. Bu möhtəşəm idman bazalarında yarım milyondan çox insan idmanla məşğul olur. 15422 nəfər bədən tərbiyəsi mütəxəssisi gənc nəslin fiziki tərbiyəsi sahəsində çalışır. Təkcə onu demək kifayətdir ki, ölkədə bədən tərbiyəsi və idman məqsədlərinə ayrılan vəsaitin həcmi 2003-cü illə müqayisədə 8,2 dəfə artmış, beynəlxalq idman tədbirlərinin sayı isə 6 dəfə çoxalmışdır. Azərbaycan son illər dünya idmanının mərkəzinə çevrilib. Bakıda, demək olar ki, hər gün beynəlxalq idman turnirləri keçirilir.
İdmana qayğı və diqqət özəl bölümdə də, təhsil, səhiyyə və sosial reabilitasiya sistemində də hiss olunacaq dərəcədə artmışdır. Bütün bunların nəticəsi olaraq Azərbaycan beynəlxalq turnirlərdə, olimpiya oyunlarında qazandığı medal və mükafatların sayına görə dövlətlər arasında çox yüksək yer tutur. Sevindirici haldır ki, respublikamızın idman federasiyalarının başında ölkəmizin tanınmış siyasi xadimləri, nazirlər, iş adamları, güclü şəxsiyyətlər durur. Bu da idmanın populyarlaşmasına və kütləviliyin artmasına öz müsbət töhfələrini verir. Ölkə rəhbərliyi idman sahəsində qazanılan uğurlara görə idmançıları dövlət mükafatları, orden və medallarla, yüksək adlarla təltif edir, onların sosial müdafiəsini gücləndirir. Mən bu gün xüsusi olaraq vurğulamaq istəyirəm ki, deputatlarımızın arasında ölkəmizin idman ictimaiyyətində böyük nüfuza malik olan say-seçmə idmançılarımız vardır. Bütün bunlar onu göstərir ki, Azərbaycanda idmançı – cəmiyyət, idman strukturları, eləcə də hökumət, fiziki və hüquqi şəxs – idmançı münasibətləri xüsusi tənzimlənmə tələb edir. Bu məsələlərin daha da inkişaf etdirilməsi üçün imperativ və deklarativ normaların qəbul edilməsi zərurəti yaranır.
O da bir həqiqətdir ki, 12 il bundan öncə qəbul olunmuş 30 maddədən ibarət 9 səhifəlik “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu bugünkü reallıqlara tam cavab vermir, idmanın bütün sahələri bu qanunda ehtiva olunmur. Onu da qeyd edim ki, son 10 ildə bu tip qanunlar dünyanın bir sıra ölkələrində, xüsusilə MDB məkanında yenidən işlənmiş və bu qanunlar daha da təkmilləşdirilmişdir. Milli Məclisin Sosial siyasət komitəsi son 3 il ərzində müxtəlif vaxtlarda uşaq-gənclər idmanı, paralimpiya idmanı, peşəkar idman, tələbə idmanı və sair idman sahələrinə aid qanunların hazırlanması təşəbbüsü ilə çıxış edib. Aparılmış təhlillər göstərdi ki, bu sahədə ən yaxşı yol vahid, təkmil və əhatəli bir qanunun – Bədən tərbiyəsi və idman haqqında qanunun hazırlanmasıdır. Bu məqsədlə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin, Gənclər və İdman Nazirliyinin mütəxəssislərinin, idman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradıldı. Təqdim olunan qanun layihəsi komitənin iclaslarında dəfələrlə müzakirə olunmuşdur. Qanun layihəsi hazırlanarkən bir sıra ölkələrin qanunvericilik təşəbbüsü öyrənilmiş, Şərqi Avropa ölkələrindən Polşanın, Asiya ölkələrindən Çinin müvafiq qanunlarından və MDB-nin Parlamentlərarası Assambleyasının model qanunundan istifadə olunmuşdur.
Sizə paylanmış qanun layihəsi 11 fəsil, 66 maddədən ibarətdir.
I fəsildə bədən tərbiyəsi və idman sahəsində dünyada qəbul edilmiş terminologiyaya daxil olan əsas anlayışlar çox əhatəli şəkildə açıqlanmışdır. Burada ilk dəfə olaraq 34 idman termini haqqında ətraflı məlumat verilmişdir.
I fəsildə həmçinin bədən tərbiyəsi və idman sahəsində dövlət siyasəti konkret maddələrlə təsbit olunmuş, ölkədə birinci dəfə bu sahədə dövlətin və yerli özünüidarəetmə orqanlarının vəzifələri konkretləşmişdir. Bu fəsildə qüvvədə olan qanundan fərqli olaraq Azərbaycan Respublikası ərazisində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bədən tərbiyəsi və idman sahəsində hüquqları müəyyənləşmişdir.
II fəsildə ölkə ərazisində fəaliyyət göstərən əsas bədən tərbiyəsi və idman subyektlərinin dairəsi göstərilmişdir. Burada bədən tərbiyəsi və idman təşkilatlarının fəaliyyəti, ölkədə olimpiya hərəkatı və Milli Olimpiya Komitəsi haqqında daha dəqiq maddələr verilmişdir. Bu fəslin 12-ci və 22-ci maddələrində ilk dəfə olaraq sağlamlıq imkanları məhdud uşaqlar, əlillər və əqli inkişafında çatışmazlığı olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddələr öz əksini tapmışdır. Maraqlı maddələrdən biri də “İdman klubları” adlanan 15-ci maddədir.
III fəsildə bədən tərbiyəsi və idmanın kütləviliyi ilə bağlı normalar müəyyənləşmişdir. Buraya cəzaçəkmə müəssisələrində bədən tərbiyəsi və idmanın təşkilinə dair ayrıca maddə belə daxil edilmişdir. Layihədə təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin müasir tələblər səviyyəsində təşkili, təhsil müəssisələrinin idman qurğularından səmərəli istifadə olunması ilə bağlı müddəalar daha əhatəli işlənmişdir.
IV fəsil uşaq-gənclər idmanından bəhs edir. Fəsildə uşaq-gənclər idmanının təşkilati strukturu, uşaq və gənclərin bədən tərbiyəsi sistemi, idman ehtiyat qüvvəsinin hazırlanması və bu hazırlıqla məşğul olacaq təşkilatlar müəyyənləşdirilir.
V fəsil milli yığma komandaların təşkili, formalaşdırılması ilə bağlı məsələləri tənzimləyir. Bu bölümdə çox kəskin şəkildə idmanda dopinq vasitələrindən istifadəyə qarşı fəaliyyətin əsas istiqamətləri dəqiqləşdirilmişdir.
VI fəsil peşəkar idman məsələlərinə həsr olunur. Burada peşəkar idman sahəsində münasibətlərin hüquqi tənzimlənməsi və idman arbitrajının funksiyaları bilavasitə nəzərdə tutulmuşdur.
VII fəsil ölkədə bədən tərbiyəsi və idman sahəsində fəaliyyətin qanunvericilik əsaslarını müəyyən edir.
VIII fəsildə bədən tərbiyəsi və idmanın kadr, elmi və tibbi təminatı, bu sahədə mütəxəssislərin hazırlanması, ixtisasın artırılması, eləcə də digər fəaliyyət növləri öz əksini tapır.
IX fəsildə bədən tərbiyəsi və idmanın maddi-texniki təminatı ilə bağlı məsələlər açıqlanır. Bədən tərbiyəsi və idman qurğuları, idman obyektlərinin maliyyələşməsi, vergi və investisiya məsələləri burada geniş şərh olunmuşdur.
X fəsildə bədən tərbiyəsi və idman sahəsində sponsorluq fəaliyyəti, dövlət sosial təminatlar sistemi nəzərdə tutulmuşdur.
Qanun layihəsi hazırlanarkən bizə Maliyyə, Təhsil, Ədliyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin çox faydalı rəy və təklifləri daxil olmuşdur. Bunların böyük bir qismi qanun yaradıcılığı prosesində nəzərə alınmışdır.
Milli Məclisin Sosial siyasət komitəsinin iclaslarında işçi qrupunun üzvləri və deputatlar tərəfindən səslənən bəzi fikirlər bu qanunun predmeti olmadığından layihədə öz əksini tapmamışdır. Onlardan bəzilərini hörmətli həmkarlarımın diqqətinə çatdırmağı özümə borc bilirəm. Qeyd olundu ki, rayonlarda tikilmiş olimpiya komplekslərinin istismarı üçün çox böyük miqdarda vəsait tələb olunur. Açığını deyək ki, bu maliyyə imkanları yerli icra hakimiyyətlərində olmadığından bu qurğuların saxlanmasında problemlər meydana gəlir. Ona görə həm mütəxəssislər, həm də deputatlar təklif etdilər ki, ola bilər ki, bu obyektlər üçün güzəştli kommunal xidmətlər tətbiq olunması məsələsinə baxılsın. Eyni zamanda, o da vurğulandı ki, müasir idman qurğularının ölkəyə gətirilməsini ləngidən bəzi səbəblər vardır. Bizim bir sıra qanunlarımızda belə müddəalar var və hesab edirəm ki, bu məsələyə bu və ya digər formada baxmaq olar. Məsələn, imtiyazlı gömrük rüsumları məsələsini də deputatlar, işçi qrupu, eyni zamanda, nazirliklərin əməkdaşları və idman mütəxəssisləri ortaya qoydular ki, bu, Azərbaycana müasir idman qurğularının daxil olunmasına kömək etsin. Mən hesab edirəm ki, bu məsələlər, əlbəttə, müzakirə mövzusudur. Bu, başqa qanunlarla təsbit olunur. Əgər deputat həmkarlarımız etiraz eləməzlərsə, bu, sonradan digər qanunlarda baxıla bilər.
Hörmətli deputat həmkarlarım, qanun layihəsi olduqca geniş və əhatəli hazırlanmışdır. Komitəmiz və işçi qrupu çalışıb ki, bədən tərbiyəsi və idmanla bağlı bütün məsələlər layihədə nəzərə alınsın, ölkəmizdə idmanın daha da inkişafına şərait yaradan təkmil hüquqi baza formalaşsın. Sizi qanun layihəsinin müzakirəsində fəal iştirak etməyə çağırıram və xahiş edirəm ki, layihəyə səs verəsiniz. Əminəm ki, müzakirə zamanı səslənəcək fikir və iradlarınız qanun layihəsinin daha da təkmilləşdirilməsində bizə kömək edəcəkdir. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Hadi müəllim. Müzakirəyə başlamamışdan əvvəl nəzərinizə çatdırım ki, bu gün Milli Məclisin iclasında ölkənin idman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Azərbaycanın 4 olimpiya çempionu iştirak edir. Bu, idmanın yeganə növüdür ki, bir dəfə olimpiya çempionu oldunsa, o ad ömür boyu sənin üstündədir. Onlar ilk dəfə Milli Məclisə gəliblər. Vaxtilə ekran qarşısında hamımız onları alqışlamışıq. Mən istəyirəm ki, onları bir də təbrik eləyək və “xoş gəldiniz”  deyək. (Alqışlar.) Qanun layihəsinin müzakirəsinə keçirik. Tahir Rzayev.
T. Rzayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bədən tərbiyəsi və idmanın inkişafı yalnız sağlamlığın göstəricisi deyil, həm də ölkənin inkişafının göstəricisidir. Azərbaycan idmançılarının son illərdə qazandıqları idman nailiyyətləri bunu deməyə imkan verir və hər birimizi sevindirir. Dünya, olimpiya birinciliklərində, beynəlxalq səviyyəli yarışlarda idmançılarımızın əldə etdikləri nailiyyətlər qürur doğurmaqla bərabər, Azərbaycanımızın tanıdılması, idman hərəkatının genişləndirilməsi və tətbiqi çox əhəmiyyətlidir. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına göstərilən qayğı və diqqət hər birimizə yaxşı məlumdur. Biz bu gün bu qanunda onun əyani ifadəsini bir daha görürük.
Qanun çox əhatəlidir, yaxşı hazırlanıb. Birinci oxunuşun tələblərinə cavab verir. Onu konseptual baxımdan qəbul etmək olar. Qanunda bədən tərbiyəsi və idmanın dövlət siyasətinin ayrılmaz bir hissəsi kimi qeyd edilməsi və bu sahədə dövlət siyasətinin əsas prinsiplərinin əsaslı izahı təqdirəlayiq bir haldır. Digər tərəfdən, bədən tərbiyəsi və idman sahəsində dövlətin vəzifələrinin aydın, ətraflı şərh edilməsi, bu sahədə yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin müəyyənləşdirilıməsi, hər bir vətəndaşın hüququnun müəyyən edilməsi qanun layihəsini dolğun və əhatəli etmişdir.
Qanun layihəsində idman yönümlü təşkilatların, o cümlədən müxtəlif tipli uşaq-gənclər idman məktəblərinin, məhəllə uşaq idman müəssisə və klublarının, uşaq idman şəhərciklərinin, düşərgələrinin və digər idman qurğuları və bazalarının maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi əhəmiyyət verilməsi səbəbsiz deyildir. Çünki bu gün Azərbaycan idmançıları fərdi birinciliklərdə – boks, güləş, karate, güllə atıcılığı və digər növlərdə yüksək nəticələr göstərsələr də, kütləvi idman yarışlarında – futbol, basketbol, həndbol və digər növlərdə göstəricilərimiz çox aşağıdır. Bunun səbəbi uşaqların kiçik yaşlarından bu növlər üzrə idmana yaxından cəlb edilməməsi və xüsusi hazırlıq keçməmələridir. Elə bilirəm ki, bu qanunun qəbulu uşaqların kütləvi idman yarışlarına cəlb olunması baxımından əhəmiyyətli olacaqdır.
Mən bu qanuna İdman Fondunun yaradılması ilə əlaqədar ayrıca bir bəndin salınmasını da yüksək qiymətləndirirəm. Bədən tərbiyəsi və idman subyektlərinin fəaliyyətinin təşkili ilə bağlı qanunda əksini tapan müddəalar əsaslıdır və əhəmiyyətlidir. Bu maddələr hər bir subyektin vəzifələrini qanunvericiliklə müəyyən edir ki, bu da gələcəkdə onların səmərəli fəaliyyətinə bir stimuldur.
Təhsil və tibb müəssisələrində, yaşayış, iş, istirahət yerlərində bədən tərbiyəsi və idmanın təşkili ilə bağlı göstərilən müddəalar idmanın ümumxalq əhəmiyyətli bir vəzifə olduğunu bir daha təsdiq edir. Bu qanunun əhəmiyyəti böyük olduğu üçün hər birimiz onun üzərində işləməyə, bu sənədi təkmilləşdirməyə borcluyuq. Sözsüz ki, ikinci oxunuşda hər bir fəsil, maddə və bəndlər haqqında fikirlər söylənəcək. Ancaq bu qanunun təkmilləşdirilməsi ilə əlaqədar idmançılarımızın, idman mütəxəssislərimizin, ictimaiyyətin qanunla bağlı fikirlərinin öyrənilməsi işin xeyrinə olardı. Mən bu qanun layihəsini hazırlayanlara təşəkkürümü bildirirəm və qanunun lehinə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu birinci oxunuşdur, biz qanun layihəsinə konseptual cəhətdən yanaşırıq. Bəlkə çıxışları 5 dəqiqə eləyək? Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda çıxışları 5 dəqiqə edirik. Aydın Həsənov, buyurun.
A. Həsənov. Hörmətli millət vəkilləri, icazə verin, dost Ukrayna Respublikasının “Şaxtyor” komandasını kuboku qazandığı üçün ürəkdən təbrik edim. Mən 1958-ci ildən 1961-ci ilədək Ukraynanın “Donetsk” klubunda futbol oynamışam. Müzakirəmizə təqdim olunan Bədən tərbiyəsi və idman haqqında qanun layihəsi Azərbaycan dövlətinin, onun başçısı möhtərəm Prezident İlham Əliyevin idmana qayğısının təzahürü kimi qəbul olunmalıdır. Məlum faktdır ki, cənab Prezidentin bu sahəyə olan diqqəti nəticəsində idmanın bütün sahələri yüksək səviyyədə inkişaf edib, artıq ölkəmiz dünya miqyasında bir çox idman növlərinə görə öz sözünü deyib. “Bədən tərbiyəsi və idman haqqında” Qanun əvvəllər də mövcud idi. Yeni qanun eyniadlı qanundan daha təkmil, daha əhatəli və zamanın tələblərinə cavab verən formada hazırlanıb. Məlumdur ki, “Bədən tərbiyəsi və idman haqqında” Qanun 1997-ci ildə qəbul olunmuşdur. Amma ötən müddətdə ölkədə və dünyada gedən proseslər bu sahə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi zərurətini yaradır. Bu sənəddə bədən tərbiyəsi və idmanın bütün istiqamətləri öz əksini tapıb. Bundan başqa, Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən uşaq idmanı haqqında, paralimpiya idmanı haqqında qanun layihələri də hazırlanıb ki, bu da dövlətimizin idmana qayğısını, onun inkişafı üçün lazımi şəraitin və qanunvericilik bazasının yaradılmasını təsdiq edir.
Bədən tərbiyəsi və idman haqqında yeni qanun layihəsində dövlətin səlahiyyətləri genişləndirilib, yerli özünüidarəetmə orqanlarının vəzifələri dəqiqləşdirilib. Qanun layihəsində idman federasiyalarının, idman klublarının vəzifələri və səlahiyyətləri də öz əksini tapıb. Həmçinin qanun layihəsində idman rütbələri, idman dərəcələri və fəxri adlarla bağlı məsələlər də dəqiqləşdirilib.
İlk dəfə olaraq Azərbaycanda lal və karların idman hərəkatı ilə bağlı müddəaların layihədə əksini tapması xüsusilə təqdirəlayiqdir. Qanun layihəsində azadlıqdan məhrum edilmiş şəxslərin bədən tərbiyəsi və idmanla məşğul olmasını təsbit edən maddələrin yer alması, hər bir məhkuma gün ərzində ən azı iki saat idmanla məşğul olmağa şərait yaradılması layihənin üstünlüyünü təşkil edən əsas amillərdəndir. Bədən tərbiyəsi və idman haqqında qanun layihəsində Milli yığma komandalar və bəzi başqa məsələlər də öz hüquqi həllini tapıb. Qanun layihəsində Azərbaycanda idman arbitraj məhkəməsinin yaradılması nəzərdə tutulur ki, bu da aidiyyəti məsələlərin həll olunmasına imkan verəcəkdir.
Layihədə bədən tərbiyəsi və idmanla bağlı terminlər dəqiqləşdirilib, bəzi anlayışların izahı verilib. Məndə olan məlumata görə, hazırda Böyük Britaniya ilə Azərbaycan arasında imzalanmış anlaşma memorandumuna əsasən Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı üzrə milli strategiyası layihəsi hazırlanıb Prezident Administrasiyasına təqdim olunub. Bu sənəd 2009–2020-ci illəri əhatə edəcək. Onun qəbulundan sonra hər 4 ildən bir ölkədə idmanın inkişafı ilə bağlı dövlət proqramı hazırlanacaq.
Qanun layihəsində göstərilir ki, Azərbaycanda idman federasiyalarının respublika reyestri yaradılacaq. Federasiyalar Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındıqdan sonra mütləq bu reyestrə düşməlidirlər. Onlar reyestrə düşdükdən sonra fəaliyyətə başlayacaqlar. Eyni zamanda, ölkədəki idman növlərinin reyestri də yaradılacaqdır. Bütün bunlar onu təsdiq edir ki, Bədən tərbiyəsi və idman haqqında qanun layihəsi xeyli təkmil formada hazırlanıb. Ümid edirəm ki, bu qanunun qəbulundan sonra ölkəmizdə idmanın inkişafı daha da sürətlənəcək. Hər bir idmançı dövlət qayğısını öz üzərində hiss edəcək. Buna görə də layihənin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürümü bildirir və həmkarlarımı layihənin qəbuluna səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Məlum olduğu kimi, 1997-ci ildə qəbul edilmiş “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi, habelə hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən Milli Olimpiya Komitəsinin həyata keçirdiyi möhtəşəm tədbirlərin gerçəkləşdirilməsi ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində çox uğurlu nəticələr əldə edilməsinə təkan vermişdir. Artıq əminliklə deyə bilərik ki, respublikada bədən tərbiyəsi və idman kütləvi xarakter daşıyır. Belə ki, keçən il 84 idman növü üzrə keçirilən respublika yarışlarında 68 min 874 idmançı, həmçinin 51 dünya çempionatında və kuboklarında 787 idmançımız, 73 Avropa çempionatında və kubokunda isə 862 idmançımız iştirak etmişdir. Onlar olimpiya və qeyri-olimpiya idman növləri üzrə beynəlxalq yarışlarda 550 medal, o cümlədən 201 qızıl medal qazanmışlar.
İdmançılarımız keçən il Pekin Yay Olimpiya və Paralimpiya oyunlarında uğurlu çıxış edərək 17 medal qazanmışlar. Olimpiya oyunlarının iştirakçısı olan 204 dövlət arasında medalların keyfiyyətinə görə 39, sayına görə isə 27-ci yeri tutmuşuq. Əldə edilən bu yüksək göstəricilər hər şeydən əvvəl ölkəmizdə bədən tərbiyəsinə və idmana dövlətin böyük diqqəti və qayğısı nəticəsində əldə olunmuşdur.
Son illərdə ölkəmizdə gedən sürətli iqtisadi inkişaf idmanın müasir texniki bazasının yaradılmasına zəmin yaratmış, xeyli tikinti-quruculuq işləri görülmüşdür. İndi rayonlarda da müxtəlif beynəlxalq yarışların keçirilməsinə imkanlar yaranır, müasir tələblərə cavab verən olimpiya idman kompleksləri fəaliyyət göstərir. Təkcə onu demək olar ki, 2008-ci ildə 7 olimpiya idman kompleksinin açılışı olmuşdur.
Qısa müddət ərzində yaradılan unikal şərait ölkəmiz üçün xarakterik olmayan idman növlərinin də inkişafına təkan vermiş, respublikamızda bir sıra yeni idman növləri üzrə federasiyalar yaranmışdır. Bunun nəticəsidir ki, Azərbaycan mütəmadi olaraq beynəlxalq yarışlarda təmsil olunur və həmin yarışlarda favorit ölkələrdən birinə çevrilir. Buna misal olaraq Azərbaycan Gimnastika Federasiyasını göstərmək olar. Hörmətli həmkarımız, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında qısa müddətdə həyata keçirilən möhtəşəm tədbirlər nəticəsində formalaşan milli yığma komandamız son vaxtlar keçirilən bütün beynəlxalq yarışlarda respublikanı layiqincə təmsil etmişdir. Bu günlərdə Bakı şəhərində keçirilmiş Avropa çempionatında Azərbaycanın bədii gimnastika üzrə yığma komandası uğurlu çıxış edərək ikinci yeri tutmuşdur. Bu çox böyük nailiyyətdir və idmançılarımızın qazandığı medallar bizim hər birimizdə qürur hissi yaradır. Biz həm də fəxr edirik ki, idmanın bu növü üzrə beynəlxalq yarışlarda ölkəmiz ev sahibi kimi çıxış edir və iştirakçılar arasında nüfuz qazanır.
Ölkəmizdə son vaxtlar bədən tərbiyəsi və idman sahəsində görülən işlər, qazanılan uğurlar, əldə edilən nailiyyətlər onu deməyə əsas verir ki, hazırda mövcud olan qanunvericilik bazası bədən tərbiyəsi və idmanın gələcək inkişafını təmin etmir və ondan geri qalır. Bu mənada respublikamızda bədən tərbiyəsi və idmanın müasir tələbləri səviyyəsində inkişafına təkan verən, mövcud problemləri daha geniş əks etdirən və boşluqları aradan qaldıran qanunun qəbul edilməsinə ehtiyac vardır. Təqdim edilmiş qanun layihəsi ilə tanışlıq onu deməyə əsas verir ki, layihə konseptual baxımdan birinci oxunuşun tələblərinə cavab verir və mən həmkarlarımı ona səs verməyə çağırıram. İkinci oxunuşla əlaqədar təkliflərimi təqdim edəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bədən tərbiyəsi və idmanla birbaşa münasibəti olan Ağacan müəllimə söz verirəm.
A. Abıyev. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün gündəliyə salınmış Bədən tərbiyəsi və idman haqqında qanun layihəsi çox vacib və vaxtında müzakirəyə çıxarılmış bir sənəddir. Məndən öncə həmkarlarım da qeyd etdilər ki, Azərbaycanda idman hərəkatı, olimpiya hərəkatı çox böyük sürətlə inkişaf edir. Mən deyərdim ki, Azərbaycan idmanın inkişafına görə MDB ölkələri arasında bəlkə də Rusiyadan sonra ikinci ölkədir.
Bildiyimiz kimi, Azərbaycanın bütün regionlarında açılan, inşa edilən və istifadəyə verilən olimpiya mərkəzlərinin sayı artıq 19-a çatıb.
Yadımdadır ki, keçən il Masallıda olimpiya mərkəzini açarkən Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gəlmişdi və həmin tədbirdə iştirak etdi. Kompleksə gedəndən sonra dedi, indi mən açıq deyə bilərəm ki, Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilmişdir. Sözsüz ki, bu inkişaf özbaşına əmələ gəlməyib. Bu, şəxsən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin Azərbaycan idmançılarına, Azərbaycan idmanına göstərdiyi qayğının nəticəsində əmələ gəlmişdir.
1997-ci ildə hazırlanmış Qanun artıq 12 ildir işləyir. Lakin zaman keçdikcə hər şey dəyişir, iqtisadi münasibətlər dəyişir, inkişaf edir. Sözsüz ki, həmin Qanun bəzi müddəalara cavab verə bilmirdi. Bugünkü qanun layihəsində həmin çatışmayan cəhətlər aradan qaldırılmışdır. Bütün dünyada ölkənin inkişafını, demək olar ki, idmanın inkişaf nəticələri ilə də ölçürlər. Ona görə də mən deyərdim ki, hər bir ölkədə idmanın inkişafı onun iqtisadi səviyyəsindən xəbər verir.
Bununla yanaşı, Qərb ölkələrində, Amerika Birləşmiş Ştatlarında, İngiltərədə, Fransada, Almaniyada paralimpiya idman hərəkatına da çox fikir verirlər. Paralimpiyaçılar sağlamlığında məhdudiyyət olan insanlardır. Bizim paralimpiya idmançılarımız artıq 3-cü dəfədir ki, olimpiadada uğurla çıxış edirlər. Bu da onu göstərir ki, Azərbaycanda böyük idmandan əlavə xüsusi olimpiya hərəkatlarına da diqqət yetirilir. Əvvəlki Qanunda bu barədə heç bir maddə yox idi. İndi bu maddələr öz yerini tapmışdır. Bundan əlavə, məktəbəqədər uşaqlar üçün bədən tərbiyəsi haqqında da maddə yox idi. Yeni qanun layihəsində onlar da yerini tapmışdır. Yeni layihədə idmanı əhatə edən bir çox faktlar gətirilib.
Bildiyiniz kimi, Azərbaycanda son on ildə elə yarışlar keçirilib ki, bizdən başqa heç bir ölkə bununla fəxr edə bilməzdi. Çünki Azərbaycanda bir çox idman növləri üzrə dünya çempionatları, Avropa çempionatları, böyük beynəlxalq turnirlər keçirilib. Bayaq həmkarımın dediyi kimi, elə idman növləri var ki, bizdə heç vaxt inkişaf etməmişdir. Bu gün biz Avropa çempionatında elə idman növlərindən uğurlar qazanırıq ki, bununla istənilən ölkə öyünə bilər. Ona görə mən hesab edirəm ki, bizim bu qanun gələcəkdə Azərbaycan idmanının inkişafına təkan verəcəkdir. Çünki bizim idmançılarımız Olimpiya oyunlarında, dünya çempionatlarında uğurlar qazanırlar. Sözsüz ki, iqtisadi münasibətlər qanun layihəsində öz yerini tapmalıdır. Ona görə də mən idmançılar adından qanun layihəsini hazırlayan yoldaşlara, həmkarlarıma öz minnətdarlığımı bildirirəm.
Sədrlik edən. Çox sağ olun, Ağacan müəllim. Eldar İbrahimov, buyurun.
E. İbrahimov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputat həmkarlarım və qonaqlar! Doğrudan da, məndən qabaq çıxış edən deputat həmkarlarımın fikirlərinə mən də qoşuluram. Bu qanun layihəsi xeyli vaxtdır hazırlanır. Bu qanun layihəsi idman sahəsində, bədən tərbiyəsi sahəsində bütün məsələləri özündə əks etdirir. Mən buna bədən tərbiyəsi və idman haqqında elə-belə qanun deməzdim. Hətta bu böyük bir məcəllədir, yəni hərtərəfli hazırlanmış bir qanundur. Mən fürsətdən istifadə edib hörmətli həmkarım Hadi müəllimə və komitənin üzvlərinə öz minnətdarlığımı bildirirəm.
Hörmətli cənab Sədr, həqiqətən, bu qanun respublikamızda möhtərəm Prezidentimizin apardığı idman siyasətinin qanunvericilik bazasını yaradır. İdman sahəsində bizim çox böyük uğurlarımız var. Çox sağ olun ki, haqlı olaraq Siz bu gün burada iştirak edən idmançıların adlarını dediniz və alqışladıq, onlara əl çaldıq. Onlar, doğrudan da, alqışa layiqdirlər. Çünki onlar idman yarışlarında bizim bayrağımızı qaldırırlar, çox yaxşı çıxış edirlər və bizim adımızı yüksəklərə qaldırırlar. İdmanla məşğul olan gənclərimiz sağlam böyüyürlər və bu sağlamlığın da hesabına hər yerdə qalib gəlirlər. “Sağlam bədəndə sağlam ruh olar” deyirlər.
Mən bu qanunu Aqrar siyasət komitəsinin sədri kimi həm də kənd təsərrüfatı sahəsinə aid etmək istəyirəm. İndi bu sözlərimə, ola bilsin ki, bəzi deputat həmkarlarım güləcəklər. Amma bu da bir həqiqətdir. Biz bəzən zarafat edirik ki, əsas məsələ kənddə idmanın inkişafı məsələsidir. Doğrudan da, əsas məsələ kənddə idmanın inkişafıdır. Kənddə olan saf ruhlu sağlam insan bir heyvanı bəsləmək istəyir, bu heyvana su verir, arpa verir, onu tumarlayır. Bu heyvan da canlıdır. Bu heyvan onu yemləyən sahibinin, sağlam insanın sağlam münasibətini də başa düşür. Belə olduqda onun əti sağlam olur, biz də yeyirik, daha sağlam oluruq. Yaxud biri gül becərir. Sağlam adam həmin gülü tərifləyə-tərifləyə, başqası isə həmin gülü söyə-söyə su verir. Həmin gül də başa düşür ki, sahibi bunu elə-belə başdansovdu edir.
Baxın, kənddə idmanın inkişafını mən kənd təsərrüfatı ilə əlaqələndirdim. Sağlam münasibət kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə böyük təkan verir. Ona görə mən bunu alqışlayıram. Bu sahədə aparılan uğurlu idman siyasətini məndən qabaq qeyd etdiniz. Doğrudan da, mən iki-üç ilə qədər bilmirdim ki, bədii gimnastika nə olan şeydir, amma indi mənim nəvəm də bədii gimnastikaya gedir. Çox gözəl bir idman növüdür. Bu günlərdə bədii gimnastika sahəsində, səhv etmirəmsə, bizim gimnastlarımız dördüncü yerə çıxdılar. Bunun özü çox böyük uğurdur. İkinci yerə? Bəli, ikinci yerə çıxdılar. Çox böyük uğurdur, doğrudan da, fəxr olunmalıdır. Ona görə də hesab edirəm ki, sağlam insanlar üçün yazılan bu qanun təqdirəlayiqdir. Məncə, bu qanunu qəbul etmək vacibdir. Mən bu qanun layihəsinə səs verəcəyəm və hörmətli həmkarlarımı da səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Eldar müəllim. Eyvaz Qurbanov.
E. Qurbanov. Çox sağ olun, cənab Sədr. Hörmətli deputat həmkarlarım! Bu gün müzakirəmizə verilən Bədən tərbiyəsi və idman haqqında qanun layihəsi, şübhəsiz ki, günün tələbindən doğur. 1997-ci ildə ilk dəfə “Bədən tərbiyəsi və idman haqqında” Qanun qəbul olunmuşdu. Ancaq hesab edirik ki, bu illər ərzində Azərbaycan idmanı çox böyük bir inkişaf yolu keçib və bu Qanunun yeniləşməsinə ciddi ehtiyac vardır.
Əvvəla, onu demək istəyirəm ki, Azərbaycanda idman və bədən tərbiyəsi dövlət siyasətinin tərkib hissəsidir. Müstəqilliyini yeni əldə etmiş, kiçik əraziyə malik olan və əhalisinin sayına görə də böyük bir ölkə olmayan Azərbaycanın dünyada tanınması üçün, ölkəmiz haqqında hər hansı bir fikrin formalaşması üçün idmanı əvəz edə biləcək digər bir vasitə tanımırıq. Ona görə də bu gün ölkə Prezidenti cənab İlham Əliyev bu sahəyə şəxsən özü rəhbərlik edir.
Mən onu deməliyəm ki, Azərbaycanın yenicə müstəqillik əldə etdiyi illər, konkret olaraq 1993–1995-ci illər hamının yaxşı xatirindədir. Yəqin, idman azarkeşlərinin yaxşı xatirindədir ki, həmin dövrdə ölkənin baş idman qurğusu sayılan T.Bəhramov adına Respublika stadionu beynəlxalq yarışların keçirilməsi tələblərinə cavab vermədiyinə görə bizim yığma komandamız Türkiyənin Trabzon şəhərində ev sahibi kimi çıxış edirdi. Ancaq 1997-ci ildən sonra cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra Azərbaycanda idmana münasibət kökündən dəyişdi və Azərbaycan idmanında, doğrudan da, inqilabi bir inkişaf yolu başlandı.
Mən onu demək istəyirəm ki, son bir neçə ildə ölkəmizdə müasir beynəlxalq standartlara cavab verən 19 Olimpiya kompleksi tikilib. Həmin komplekslərin biri də mənim deputat seçildiyim Oğuz rayonunda istifadəyə verilib. Əgər 1994–95-ci illərdə ölkənin baş idman arenasında belə heç bir beynəlxalq yarış keçirmək mümkün olmurdusa, artıq bir həftə bundan öncə Oğuz şəhərində Olimpiya kompleksində böyük bir yarış uğurla keçirildi. Bu, heç şübhəsiz ki, Azərbaycan dövlətinin və ölkə başçısının Azərbaycan idmanına göstərdiyi qayğıdır. Ən böyük qayğı odur ki, bu gün Azərbaycanda idmançılar ölkənin ən nüfuzlu insanları ilə, o cümlədən akademikləri ilə, böyük sənət adamları ilə, yazıçılarla, şairlərlə çiyin-çiyinə dururlar. Bu da Azərbaycan idmançılarına, Azərbaycanın şərəfini ləyaqətlə qoruyan insanlara ölkə başçısının və Azərbaycan cəmiyyətinin göstərdiyi diqqətin və qayğının nəticəsidir.
Şübhəsiz ki, bu gün idmanda keçdiyimiz yol haqqında, onun uğurları haqqında çox danışmaq olar. Mən hesab edirəm ki, məndən sonra çıxış edən yoldaşlar bu sahədə danışacaqlar. Fürsətdən istifadə edib, bu sahəyə bir az yaxın adam olduğuma görə istəyirəm ki, idmanda olan bəzi problemlərdən danışım. Hansı vasitələrlə idmanda olan həmin problemləri aradan qaldırmaq olar? Dövlətin idmana nə qədər qayğısı olsa da, nə qədər maliyyə vəsaiti ayırsa da, yenə idmanda müəyyən maliyyə çatışmazlıqları olur. Hesab edirəm ki, bütün yükü hökumətin və büdcənin çiyninə qoymaq olmaz. Ölkəmizdə vaxtilə idman lotereyası var idi. Onu həyata qaytarmaq olar. Böyük idmana yol, şübhəsiz ki, uşaq idmanından keçir. Bu gün, səhv etmirəmsə, Azərbaycanda 195 uşaq idman məktəbi var və həmin məktəblər Təhsil Nazirliyinin balansındadır. Orada çalışan məşqçi müəllimlərin statusu ilə bağlı müəyyən problemlər var və bu problemlər həll olunmalıdır. Ümumiyyətlə, həmin məktəblərin texniki təchizatı və bazası genişləndirilməlidir. Ola bilsin ki, həmin məktəblər Gənclər və İdman Nazirliyinin balansında olsa, daha çox fayda verər. Dediyim həmin problemlər aradan qalxsa, hesab edirəm ki, Azərbaycanda idmanın keyfiyyəti xeyli artacaq.
Sədrlik edən. Beş dəqiqəyə hamımız razılaşmışıq. Ona görə qalan məsələləri ikinci oxunuşda müzakirə edərik. Baba Tağıyev buyursun.
B. Tağıyev. Çox sağ olun, möhtərəm Sədr. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Bu gün Bədən tərbiyəsi və idman haqqında qanun layihəsini müzakirə edirik. Mən deyərdim ki, ulu öndərimiz Heydər Əliyevin qoyub getdiyi və möhtərəm Prezidentimizin yürütdüyü bugünkü siyasətin nəticəsində Azərbaycan xalqının firavanlığı günü-gündən yüksəlir, Azərbaycan dövləti günü-gündən möhkəmlənir.
Bu gün də müzakirə olunan qanun layihəsi idmana göstərilən qayğının bir təcəssümü, bir nümunəsidir. Təbii ki, mən də bu qanun layihəsinə səs verəcəyəm. Fürsətdən istifadə edib, bu gün toplantıda hörmətli həmkarımız Əli Əhmədovun dediyi fikirlərə mən də qoşuluram. Bernar Fasyenin Azərbaycan ərazilərinin işğaldan azad olunmasını Ermənistan–Türkiyə sərhədlərinin açılması ilə eyniləşdirməyin yersiz olduğunu deməsi qəbul edilə bilməz. Mən demək istəyirəm ki, paralel xətlər həndəsədə kəsişmədiyi kimi, siyasi hesablamalarda da kəsişmir. Görünür, o, həndəsi və riyazi hesablamaları necə edirsə, siyasi hesablamaları da o cür həll edir. Çünki o bilməli idi ki, hər hansı bir məqsədə nail olmaq üçün, həndəsədə olduğu kimi, siyasətdə də nöqtədən nöqtəyə gedən düz xətt var. Yaxşı olardı ki, Ermənistana və Ermənistanın havadarlarına təzyiq etsinlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Yəqin, həndəsəni bilmir, bircə sonsuzluq işarəsini bilir. İlham Məmmədov.
İ. Məmmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, ölkəmizin idman ictimaiyyətinin hörmətli nümayəndələri! Əlbəttə, mən də Sosial siyasət komitəsinin üzvü kimi bu qanun layihəsi müzakirə ediləndə iclaslarda sözümü demişəm.
İlk növbədə bu qanunun konseptual olaraq birinci oxunuşun tələblərinə cavab verməsi haqqında fikirlərimi və arqumentlərimi hörmətli deputat həmkarlarıma çatdırmaq istərdim. Məndən əvvəl çıxış edən hörmətli deputat həmkarlarım bu qanun layihəsi haqqında fikirlərini dedilər. Mən də komitənin bir üzvü kimi minnətdarlığımı bildirirəm ki, doğrudan da, bu qanun layihəsi hazırlanarkən həm Sosial siyasət komitəsinin üzvləri, həm də qanun layihəsi üzərində işləyən idman ictimaiyyətinin xadimləri layihəyə çox həssaslıqla yanaşmağa çalışırdılar.
Hörmətli Eldar müəllimin dediyi kimi, az qala Bədən tərbiyəsi və idman haqqında bir məcəllə səviyyəsində layihə hazırlanmışdır. Ona görə də bu qanun layihəsinin preambulasında qeyd olunur ki, idman artıq ölkəmizin sosial və mədəni həyatının ayrılmaz bir hissəsidir. Mən də qeyd edirəm ki, doğrudan da, idman sosial və mədəni həyatımızın ayrılmaz hissəsi olduğu kimi, eyni zamanda, ölkəmizin iqtisadi inkişaf tempinin ayrılmaz hissəsidir.
Təsadüfi deyil ki, məhz möhtərəm Prezidentimizin Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi vaxtlardan başlayaraq ulu öndərimizin gənc nəslin sağlam böyüməsi konsepsiyası əsas tutulmuşdur. İdman qurğularının, idmana olan diqqətin bariz nümunəsi kimi, biz bu gün bu zalda ölkəmizin bayrağını yüksəklərə qaldıran olimpiya çempionlarını, bizim hörmətli çempionlarımızı görürük. Ola bilsin ki, dünya xəritəsində bir zərrə qədər görünən Azərbaycanı dünyanın özü qədər böyüdən insanları görürük. Bu gün həmin insanlar məhz ölkə rəhbərinin idmana olan diqqət və qayğısı sayəsində bu zirvəyə yüksəlmişlər. Bu gün onlar ölkəmizin ictimai-siyasi həyatında çox fəal iştirak edirlər. Onların dostları, yaxınları, ümumiyyətlə, cəmiyyətin hər bir üzvü, bütövlükdə Azərbaycan gəncliyi onlara baxır, fəxr edir və onlara oxşamağa çalışırlar.
Eyni zamanda, bu gün ölkəmizin ictimai-siyasi həyatında çox fəal iştirak edən və çox yüksək hörmətə malik olan insanlar bu gün Milli Məclisdə deputat kimi təmsil olunur, ölkəmizin ictimai həyatında uğurla iştirak edir, cənab Prezidentin apardığı siyasətə dəstək olurlar. Mən hesab edirəm ki, bu gün qanun layihəsinin hamının diqqətini cəlb edən ayrı-ayrı maddələri barəsində xoş sözlər demək olar.
Qeyd etmək istəyirəm ki, “Bədən tərbiyəsi və idman sahəsində dövlətin vəzifələri” adlanan 4-cü maddədə əhalinin müxtəlif kateqoriyaları və qrupları üçün bədən tərbiyəsi və idman proqramlarının və nümunəvi tədris planlarının işlənib hazırlanması təqdirəlayiq bir haldır. Eyni zamanda, idmanın kütləviliyinə kömək edən bir amildir. Əlbəttə, idmanın kütləviliyi sağlam nəslin böyüməsinə xidmət edir. Bu gün ölkəmizin ucqar regionlarında belə ən müasir beynəlxalq səviyyəli yarışları keçirməyə qadir olan idman qurğuları tikilib quraşdırılmışdır.
Təsadüfi deyil ki, məndən əvvəl çıxış edən deputat həmkarlarımın qeyd etdiyi kimi, ən mötəbər beynəlxalq yarışlar məhz Azərbaycanda keçirilir. Bu günlərdə bədii gimnastika üzrə Avropa çempionatının məhz Azərbaycanda keçirilməsi, əlbəttə, bizim hörmətli millət vəkilimiz, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanımın rəhbərliyi sayəsində qısa müddət ərzində beynəlxalq səviyyəyə yüksəlmiş bir federasiyanın yüksək nailiyyətlərə imza atması heç də təsadüfi deyil. Eyni zamanda, bu günlərdə dünya standartlarına cavab verən Beynəlxalq Tennis Akademiyasının açılması da idman sahəsinə olan diqqətin, qayğının nümunəsidir. Belə olan halda idmanın kütləviliyini tənzimləmək üçün yeni hüquqi münasibətlər formalaşmalıdır. Bu mənada məhz bu gün bizim konseptual baxımdan qəbul edəcəyimiz bu qanun layihəsinin böyük əhəmiyyəti olacaqdır. Diqqətinizə görə minnətdaram.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Milli Məclisin sədr müavini Valeh Ələsgərov. Valeh müəllim, buyurun.
V. Ələsgərov. Çox sağ olun, Ziyafət müəllim. İdmanın Azərbaycan cəmiyyəti üçün, millət üçün nə qədər önəmli olduğu haqqında, dövlət siyasəti haqqında çox söz deyildi. Dövlətin dəstəyi haqqında deyilən sözləri təkrar etməmək üçün bəri başdan deyirəm ki, bunların hamısını dəstəkləyirəm və əminəm ki, bundan sonra da Azərbaycan Respublikasında idmana göstərilən diqqət, qayğı, dəstək azalmayacaq, əksinə, artacaqdır. Mən buna əminəm və hamımız buna əminik.
Bu qanun layihəsinin qəbul edilməsinə, əlbəttə, mən səs verəcəyəm. Birincisi, Azərbaycan vətəndaşı olaraq, Azərbaycan cəmiyyətinin sağlam olmağını istəyirəm. İkincisi, bu günə qədər də idmanla məşğul oluram. Bizim idmançılarımızla bərabər hərdənbir idman məşqlərində görüşəndə onların problemlərini də, çətinliklərini də eşidirəm. Onların uğurlarına bir yerdə sevinirəm, uğursuz çıxışlarına onlarla bir yerdə kədərlənirəm.
Ancaq bu gün qanun layihəsini müzakirə etdiyimizə görə, icazənizlə, mən bir-iki kəlmə konseptual cəhətdən qanun layihəsi haqqında deyərdim. Misal üçün, “peşəkar idmançı” anlayışında pul mükafatından söhbət gedir. Pul mükafatı ola bilər. Puldur, verdilər və bununla da qurtardı. Yəqin, söhbət başqa maddi formada mükafatdan gedir. Pulun rəngi fərqlənə bilər, amma pul puldur. Ona görə də, yəqin ki, burada konseptual cəhətdən puldan yox, maddi cəhətdən fərqlənmədən, mükafatlandırmadan söhbət gedə bilər. Yəqin ki, bu anlayışlara daha diqqətlə baxmaq lazımdır.
Bundan başqa, Hadi müəllim, yenə də mən Sizinlə müzakirə etdiyimiz köhnə məsələyə qayıdıram. Bu qanun layihəsinin bir balaca “Büdcə sistemi haqqında” Qanunun tələblərinə, Vergi Məcəlləsinə uyğunluğu məsələsinə baxmaq lazımdır. Onsuz da dövlət, hökumət bacardığını edir, hələ bir az da artıq edir. Onsuz da tətbiq olmayandan sonra qanuna uyğun olmayan şeyləri bura yazmağa nə ehtiyac var? Biz münasibətlərdə gərginlik yarada bilərik.
Ona görə də xahiş edirəm, bu layihənin “Büdcə sistemi haqqında” Qanuna, həmçinin Vergi Məcəlləsinə uyğunlaşdırılması məsələsini mütəxəssislərə tapşırasınız. Misal üçün, idman fondunu yaratmağı dövlətin boynuna qoyuruq. Büdcə yüklü bir göstərişdir, maliyyələşdirməlisən. Dövlətə deyirik ki, bədən tərbiyəsi və idman hərəkatını maliyyələşdirməlisən. Mən demirəm ki, bunu dövlət etməməlidir. Dövlət onsuz da edir. Mən əvvəldən deyirəm, hətta artıqlaması ilə edir. Siz də misallar gətirdiniz, ancaq bu, qanun olduğuna görə bu məsələlər qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Ona görə də xahiş edirəm, konseptual cəhətdən anlayışlara baxasınız, bu qanun layihəsinin “Büdcə sistemi haqqında” Qanuna, Vergi Məcəlləsinə uyğunluğunu mütəxəssislərlə yoxlayasınız. Təşəkkür edirəm, dəstəkləyirəm, səs verəcəyəm.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar, hörmətli qonaqlar! Mən də həmkarlarımın mövqelərini bölüşürəm. Həqiqətən də, Azərbaycanın həyatında idmançıların xüsusi yeri var və dövlətin ötən illər ərzində yürütdüyü siyasət Azərbaycan idmanının səviyyəsini yüksəklərə qaldırmışdır. İdman təkcə Azərbaycanın sosial-mədəni həyatının yox, həm də dövlət siyasətinin mühüm tərkib hissəsidir. İdmana yönələn dövlət siyasəti idman üzərində qurulan dövlət siyasətindən ayrıdır. Azərbaycan dövlətinin ötən dövr ərzində, sözün yaxşı mənasında, ən mühüm silahlarından biridir.
1995-ci ildən bu yana idmanın dünyada oynadığı böyük rol Azərbaycan hakimiyyəti tərəfindən nəzərə alındı. Obrazlı deyilsə, idman sahəsində çox məşhur terminlə desək, yəni rəsmi olmasa da, idmançılar fövqəladə və səlahiyyətli səfir kimi Azərbaycanın beynəlxalq miqyasda tanıdılmasında, nüfuz əldə edilməsində böyük rol oynadılar. Şübhəsiz, bu mövqeni burada hər kəs bölüşür ki, dövlət tərəfindən idmana göstərilən qayğı davam etməlidir. Amma mən bu məsələləri deyərkən sovet yanaşma tərzinin də əleyhinə olduğumu vurğulamaq istəyirəm.
Hörmətli Valeh müəllim fikirlərini söylədi. Doğrudan da, bir sıra məsələlərin dövlətin üzərinə qoyulması idmanın maliyyə vəsaitlərinin və pul kütləsinin cəmləşdiyi biznesə çevrilməsi prosesinə mane ola bilər. İdmanda normal rəqabətlilik prosesi çox önəmlidir. İndi çox mütərəqqi və çox mühüm bir haldır ki, hər kəs dövlətin bu addımını yüksək qiymətləndirir. Bir ali təhsilli şəxsin ömür boyu əldə edəcəyi göstəricilər nə qədər yüksək olsa da, milyon dollara yaxın vəsait qazana bilməz. Bu onun üçün çətin olar. Amma dövlətimiz olimpiya hərəkatlarında yer tutan insanlara yüksək dəyər verir. Bu mənada dövlətin həmin yükdən azad olması da çox vacibdir.
Bu mənada mən nə demək istəyirəm? Bütün idman növləri uşaq məktəblərinə bağlıdır. Biz ötən dövrlərdə təhsil müəssisələrində idman dərslərinin çox da yüksək səviyyədə olmadığını qeyd edirdik. Mən çox istərdim ki, bu sahədə dövlət standartları olsun. Şəraiti olmayan məktəblərdə çempionların davamçılarını yetişdirmək mümkün olmayacaq. Biz də hamını təhsilli etmək istəyirik. Bu insanlar da orta məktəbləri bitirirlər. Ona görə də düşünürəm ki, biz uşaq məktəblərinə və ya təhsil müəssisələrindəki idman dərslərinə çox ciddi tələblər qoymalıyıq. Həmin dərslərin başdansovdu keçilməməsi üçün məktəb binalarının tikintisi layihələşdiriləndə idman da nəzərə alınmalı, standartlar qoyulmalıdır. Əks halda çox çətin olacaq. Yəni IX sinifdən və ya XI sinifdən sonra onları idman yarışlarına hazırlamaq mümkün olmayacaq, ya da çətin olacaq. İdman müəllimlərinin üzərinə çox ciddi standartlar qoyulmalıdır. Mən bildiyimə görə ayrı-ayrı insanlar ixtisas artırmaqla, ixtisasını dəyişməklə bu fənnə yardımçı sahə kimi yanaşmaqdadırlar. Mən bədən tərbiyəsi müəllimi tanıyıram ki, bu sahə ilə heç bir əlaqəsi yoxdur, amma bu gün çalışır və bunu biz normal qəbul edirik.
Mən ümidvar olduğumu bildirirəm ki, inşallah, Azərbaycan böyük idmana, kollektiv idman növlərinə özünün insanlarını, sözün yaxşı mənasında, ixrac edəcəkdir. Azərbaycan təkcə neft ixrac edən ölkə yox, həm də idmançı ixrac edən ölkəyə çevriləcəkdir. Bütövlükdə sənəd kifayət qədər ətraflı hazırlanıb və mən buna səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əhməd Vəliyev.
Ə. Vəliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, hörmətli qonaqlar! Mən düşünürəm ki, bu gün müzakirəyə təqdim olunan layihə çox zəruri bir qanun layihəsidir. Təhsildə böyüyən bir adam kimi deyə bilərdim ki, Təhsil qanunu qədər zəruridir, bəlkə ondan da zəruridir. Hamınız çox gözəl bilirsiniz ki, “Sağlam bədəndə sağlam ruh” məsələsi həmişə bizdə ön planda olubdur. Sağlamlıq olmayan yerdə təhsil də, iş də mənasızdır. Bu baxımdan sağlamlığın qorunması üçün bu qanunun əhəmiyyəti çox yüksəkdir.
Qanun layihəsinin əsas mahiyyəti ondan ibarətdir ki, körpəlikdən yaşlaşanadək insan həyatının bütün dövrlərini əhatə edir. İnsanın varlığı üçün, insanın sağlamlığı üçün həyat tərzini bu qanunla tənzimləmək mümkündür.
Azərbaycan idmançılarının uğurları, son on ildə qazandıqları qələbələr qeyd edildi. Bu qələbələrin əsasında hörmətli Prezidentimizin bu sahəyə diqqəti və qayğısı durur. Bu, danılmaz bir faktdır. Azərbaycanda idman kompleksləri tikilir, yaradılır, ayrı-ayrı idman müəssisələri təşkil olunur və qələbə çalan idmançılarımız həmin komplekslərdə formalaşırlar.
Mən bir məqama da toxunmaq istərdim. Hesab edirəm ki, bu komplekslərdə formalaşmaq bir qədər azdır. Dünyaya nəzər salanda görürük ki, peşəkar idmançılar böyük idmana məhəlli idman komplekslərindən gəlirlər. Bu gün əgər Azərbaycanda məhəlli idman komplekslərini formalaşdırmasaq, gələcəkdə yüksək nəticə əldə edə bilməyəcəyik. Elə qabiliyyətli gənclər olur ki, onların yaradıcılıq imkanları idman komplekslərinə getmədiyinə görə üzə çıxmır.
Bu baxımdan Tikinti Məcəlləsi də qəbul olunanda, Mənzil Məcəlləsi də müzakirə olunanda bu barədə demişəm. Eyni zamanda, Şəhərsalma Məcəlləsi də müzakirəyə çıxanda bu barədə fikirlərimi söyləmişəm və bu gün də söyləyirəm. Bina tikiləndə, layihələr təsdiq olunanda burada elə bir maddə yazılsın ki, müvafiq icra hakimiyyəti orqanı, ilk növbədə, orada idman komplekslərinin tikintisini nəzərdə tutsun, sonra binanın layihəsini təsdiq etsin. Əgər biz bunu etməsək, istedadlı, qabiliyyətli gənclərimiz kölgədə qalacaqdır.
Təbii ki, 3-5 idmançımız ölkə rəhbərliyinin hesabına müəyyən qədər parlayıb beynəlxalq arenaya çıxacaqlar, milləti müəyyən mənada tanıdacaqlar. Ancaq ümumi götürəndə gənclərimizin sağlamlığını qorumaq istəyiriksə, gələcəkdə, doğrudan da, Azərbaycan üçün əsl vətəndaş yetişdirmək istəyiriksə, binaların altında mağazalar yox, idman kompleksləri tikməliyik, məktəbəqədər müəssisələr yaratmalıyıq.
Burada məktəbəqədər yaşı olan uşaqlara tədris proqramlarında həftədə 10 saat idman dərslərinin keçirilməsi nəzərdə tutulubdur. Lakin gəlin, nəzər salaq, bu gün məktəbəqədər müəssisələr nə qədərdir? Neçə nəfər həmin məktəbəqədər müəssisələrdə tərbiyə olunur? Bunlar çox cüzidir. Ona görə də mən hesab edirəm ki, binaların layihəsi təsdiq olunanda, hətta yeni məhəllələr salınanda bunların hamısı nəzərdə tutulmalıdır. Mən də Hadi müəllimdən xahiş edirəm, tam şəffaflığı ilə, açıq şəkildə belə bir maddə salınsın ki, müvafiq icra hakimiyyəti orqanı layihəni təsdiq edəndə, ilk növbədə, məktəbəqədər təhsil müəssisələrini, idman komplekslərini nəzərdə tutsun. Binaların tikintisi zamanı adi şahmat oynamaq üçün yer də nəzərdə tutulmayır. Onun özü də idmandır, əqli idmandır. Qoy cavanlar gedib vaxtlarını şahmat klubunda keçirsinlər, başqa ziyanlı vərdişlərə meyl etməsinlər. Ona görə hesab edirəm ki, birinci oxunuş olduğuna görə bu qanun layihəsinə səs verməli, birinci oxunuşda qəbul etməli və ikinci oxunuşa qədər belə maddələrin salınmasını nəzərə almalıyıq.
Sədrlik edən. Sağ olun. Rauf Əliyev.
R. Əliyev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən çox vaxtınızı almaq istəmirəm. Məndən qabaq bu qanun layihəsi barədə həmkarlarım ətraflı danışdılar. Azərbaycanda idmanın inkişafını götürsək, 1996-cı ildə Atlanta, 2000-ci ildə Sidney, 2004-cü ildə Afina, 2008-ci ildə Pekin olimpiadalarında Azərbaycan idmançıları Azərbaycanın bayrağını qaldırıb və medallar qazanıblar. Bu çox təqdirəlayiq bir məsələdir. Amma bu qanun layihəsindən əvvəl Sosial siyasət komitəsində Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin nümayəndələrinin və mütəxəssislərinin iştirakı ilə İdman və gənclər haqqında, sonra Paralimpiya haqqında qanun layihələri hazırlandı və müzakirə olundu. Sonra təklif olundu ki, ümumi qanun hazırlansın. Çünki “Bədən tərbiyəsi və idman haqqında” Qanun 23 dekabr 1997-ci ildə hazırlanmışdı. Cəmiyyət inkişaf edir və bu qanun da təkmilləşməli idi. Ona görə də belə qərara gəlindi ki, yeni qanun layihəsi hazırlayaq.
Mən bir neçə məsələyə toxunmaq istəyirəm. Aydın məsələdir ki, idman maliyyəsiz inkişaf edə bilməz. Burada vurğulandı ki, idmanın maliyyəsini təmin etmək üçün hansısa formalar axtarmaq lazımdır. Amma büdcədə elə maddələr var ki, bu gün də Gənclər və İdman Nazirliyi onunla işləyir. Nazirliyin nəzdində Bakıxanov qəsəbəsində idman internatı fəaliyyət göstərir. Bu internatı çox adlı-sanlı idmançılar qurtarıb. Həmin internatı qurtaran idmançılar dünya çempionu, Avropa çempionu olublar.
Bu gün orada hər bir şagirdə, idmançıya buraxılan maliyyə vəsaitinin dinamikasını sizə demək istəyirəm. Bununla əlaqədar istəyirəm ki, komitəmiz vasitəsi ilə Maliyyə Nazirliyinə müraciət edək. Çünki kütləvi idmanın inkişafı maliyyəsiz mümkün deyil. Burada çətinliklər var. Məsələn, bir şagirdin qidalanması idman internatında 4 manat 20 qəpiyə başa gəlir. Təhsil Nazirliyində olan internatlarda 4 manat 80 qəpikdir. İndi biz sovet vaxtına qayıtsaq, burada da dinamikaya baxa bilərsiniz. O zaman Təhsil Nazirliyinin internatında bir şagirdə 1 rubl 28 qəpik, amma idman internatlarında 3 manat 70 qəpik ayrılırdı. Bu vacib məsələdir. Çünki idmançılar təhsillə bərabər təlim-məşq toplantıları keçirirlər, fiziki işlə məşğul olurlar. Bu məsələ Maliyyə Nazirliyinin qarşısında qaldırılmalıdır və öz həllini tapmalıdır.
Bu gün hörmətli həmkarım Hadi müəllim qeyd etdi ki, müxtəlif idman komplekslərinin kommunal məsələlərində müxtəlif güzəştlər olmalıdır. Bu da çox mühüm məsələdir. Çünki kütləvi idmanın inkişafı maliyyəsiz çətindir. Paralimpiyaçılarımız da öz nailiyyətlərini müxtəlif yarışlarda göstəriblər.
Qanun layihəsi çox yaxşı hazırlanıb və öz adımdan, komitəmiz adından Gənclər və İdman Nazirliyinin mütəxəssislərinə, Milli Olimpiya Komitəsinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Layihəyə səs verəcəyəm və həmkarlarımı da buna dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, hörmətli qonaqlarımız! Mən də hesab edirəm ki, məndən öncə komitənin təqdimatında və başqa çıxış edən həmkarlarım qanun layihəsinin aktuallığı barədə çox dəyərli fikirlər söylədilər. Təkrarçılığa yol verməmək üçün mən də çalışacağam ki, konkret danışım. Yəqin, ilk cavab veriləcək sual ondan ibarət olmalıdır ki, bu qanun layihəsi öz sələfindən, yəni 1997-ci ildə qəbul olunmuş Qanundan nə ilə fərqlənir? Mən şəxsən qanun layihəsi ilə tanış olandan sonra belə qənaətə gəldim ki, bu qanun layihəsinin başlıca fərqləndirici cəhəti onun kütləvi xarakter daşımasından ibarətdir. Bu qanun layihəsində idmanı, bədən tərbiyəsini hər bir Azərbaycan vətəndaşının həyat tərzinə çevirmək məqsədi qoyulmuşdur. Bu çox düzgün və strateji bir yanaşmadır. Bu da, yəqin ki, yaşadığımız dövrün, zamanın, əsrin mahiyyətindən ibarətdir.
Bu bir faktdır ki, texnologiya, elm, internet nə dərəcədə inkişaf edirsə, bir o dərəcədə də insanlar tənbəlləşir. Nəticədə yeni intellektual davranışlar, yeni xəstəliklər, yeni bəlalar ortaya çıxır. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, məhz millətin, cəmiyyətin sağlamlığının qorunmasının yeganə yolu intellektual əsrdə bədən tərbiyəsini, idmanı cəmiyyətin həyat tərzinə çevirməkdən ibarətdir. Qanun layihəsinin bu mənada çox müstəsna əhəmiyyəti var. Bizim millətimizin, dövlətimizin milli maraqlarına və gələcəyinə xidmət edir. Bizim ölkə, bizim millət, bizim dövlət yaxşı bilir ki, millətin imicinin formalaşmasında idmanın müstəsna rolu var. Millətlər, xalqlar bəşər tarixində təkcə yaratdığı mədəniyyət nümunələri, musiqi əsərləri, bədii əsərləri, elmi kəşfləri ilə deyil, həm də vətəndaşlarının beynəlxalq yarışlarda qazandıqları möhtəşəm idman nailiyyətləri ilə tanınırlar.
Qanun layihəsinin 3-cü, 4-cü, 8-ci, 12-ci maddələrində və V fəsildə məhz Azərbaycanda gələcək belə beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək, yüksək idman nailiyyəti qazanacaq peşəkar idmançıların yetişdirilməsi üçün mühüm hüquqi, iqtisadi, maddi baza formalaşmışdır. Mən də həmkarlarımın fikirlərinə qoşuluram. Konseptual baxımdan qanun layihəsi birinci oxunuş üçün bütün tələbləri ödəyir. Mən də bu qanun layihəsinin lehinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Mən də həmkarlarım kimi hesab edirəm ki, konseptual cəhətdən müzakirəyə təqdim edilmiş qanun layihəsi yüksək səviyyədə hazırlanıb və onun lehinə səs verəcəyəm.
Bu qanun layihəsi, həqiqətən də, Azərbaycanda son illər məqsədyönlü şəkildə dövlət tərəfindən idman sahəsində aparılan siyasətin əyani təzahürüdür. Burada idmanın əhəmiyyətindən çox danışıldı. Bircə onu demək istəyirəm ki, idman, eyni zamanda, insanlarda sülh mədəniyyətini inkişaf etdirir. Hamınız bilirsiniz ki, hələ qədim zamanlardan olimpiya oyunları vaxtı bütün müharibələr qurtarırdı, toplar susurdu. Bir növ insanlarda aqressivlik azalır, sülh mədəniyyəti yüksəlirdi.
Mən qanun layihəsinin ikinci oxunuşda daha da təkmil olması məqsədilə bir-iki təklif vermək istərdim. Mən istərdim ki, bu qanunda idmanın kütləvi növlərinə, ümumiyyətlə, idmanın kütləviliyinə daha çox diqqət yetirilsin. İdman növləri, bədən tərbiyəsi yalnız uşaqlar üçün, gənc nəsil üçün yox, əhalinin bütün təbəqələri üçün nəzərdə tutulsun və bu iş cəmiyyətimizdə çox geniş aparılsın. Bilirsiniz ki, bir çox ölkələrdə müxtəlif kütləvi idman oyunları geniş yayılıbdır. Yaxud bəzən görürsən ki, şəhərdə minlərlə insan istirahət günlərində qaçırlar. Bu, həmin insanların sağlamlığına müsbət təsir edir, eyni zamanda, onlara ruh yüksəkliyi gətirir.
Məndə belə bir təsəvvür yarandı ki, qanunun bəzi cümlələri rus dilindən bilavasitə tərcümə olunubdur və uğurlu alınmayıbdır. Mən məsləhət görərdim, qanun ikinci oxunuşa təqdim olunanda həmin kəlmələrin üzərində dayanılsın, dilçi alimlərlə məsləhətləşdikdən sonra daha uğurlu ekvivalentlər tapılsın. Məsələn, burada 22-ci maddədə “adaptiv bədən tərbiyəsi” yazılıb. Halbuki bizim çox gözəl ekvivalentimiz var və “uyğunlaşdırılmış bədən tərbiyəsi” ifadəsi işlətmək olar. Yaxud burada 1.0.1-ci maddədə “hərəki fəallıq” ifadəsinə rast gəlinir. Mən indiyə qədər Azərbaycan dilində “hərəki” sözünə təsadüf etməmişəm. Bu qədər.
Bütövlükdə qanun layihəsini yüksək qiymətləndirirəm, onun hazırlanmasında zəhməti olan bütün insanlara öz təşəkkürümü bildirirəm. Onun lehinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Bu elə bir qanundur ki, onun məqsədi də, qəbul edilməsi üçün göstərilən əsaslar da hamımız üçün, məncə, ümumi bir rəyi ifadə edir. Bu gün idmançılar haqqında qanun layihəsi müzakirə edilir və onların nümayəndələrinin də bu müzakirədə iştirakı haqqında məlumat verildi.
Heç şübhəsiz ki, Azərbaycan idmançıları bizim başımızın taclarıdır. Mən nəyə görə çıxış elədim və axırda bu sözü deməyi lazım bildim? Məncə, elə sahələr var ki, ümumiyyətlə, orada iqtidar və müxalifət yanaşması və münasibəti ola bilməz. Bunlardan birincisi Azərbaycanın idmanıdır. Şübhəsiz, bu məsələni də mütləq qeyd eləməyi lazım bilirəm ki, hazırda Azərbaycanda aparılan dövlət siyasəti içərisində bizim təqdir elədiyimiz və müdafiə elədiyimiz əsas xətlərdən, istiqamətlərdən, hədəflərdən biri idman siyasətidir. Arzu edirik ki, bu istiqamətdə Milli Məclis tərəfindən və biz deputatlar tərəfindən qəbul olunan qanun da, qanunvericilik bazası da Azərbaycanda idmanın inkişafına bir töhfə olsun, həmişə onların bayraqlarımızı göylərə ucaldan qələbələrini eşidək. Onlarla biz fəxr edirik və şərəf duyuruq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Pənah bəy. Ona görə biz də sizi müxalifətçi kimi idmana cəlb eləmək istəyirik. Siz də idmanla məşğul olun.
Burada bizim hörmətli qonaqlarımız, idman ictimaiyyətinin nümayəndələri var. Eləcə də gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış eləmək istəyir. Kim söz istəyirsə, sonra söz verərik. Buyurun, İsmayıl müəllim.
İ. İsmayılov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də istərdim ki, bu gün çoxsaylı idmançılar ordusu adından millət vəkillərimizə minnətdarlığımı bildirim.
Bildiyiniz kimi, bu gün qanun layihəsinin müzakirəsində Azərbaycan idmanının inkişafında xidmət göstərmiş insanlar iştirak edirlər. Mən onları sizin diqqətinizə çatdırmaq istərdim. Bu gün burada Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, həmçinin Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov iştirak edirlər. Siz qeyd etdiyiniz kimi, dörd olimpiya çempionu, bizim respublikamızı beynəlxalq aləmdə layiqincə təmsil etmiş insanlar, habelə Gənclər və İdman Nazirliyinin əməkdaşları iştirak edirlər.
Mən nəzərinizə çatdırmaq istərdim ki, son illərdə Azərbaycan idmançılarının beynəlxalq idman arenalarında yüksək nəticələr göstərərək bir çox qüdrətli dövlətləri geridə qoyması idmanımızın yüksək inkişaf mərhələsində olduğunu təsdiq edir. Müstəqillik qazandığımız dövrdən ulu öndərimiz Heydər Əliyevin Azərbaycan idmanına göstərdiyi diqqət, qayğı, uzaqgörən siyasət nəticəsində bu gün bizim respublikamızın ən ucqar bölgələrində belə olimpiya kompleksləri inşa etdirilmiş, orada yaşayan insanların, gənclərin, yeniyetmələrin istifadəsinə verilmişdir. Bu da Azərbaycanda idmanın kütləviliyinin inkişafında, həmçinin idmanımızın inkişafında çox mühüm əhəmiyyət kəsb edir.
Mən diqqətinizə çatdırmaq istərdim ki, son dörd il müddətində, yəni 2005–2008-ci illərdə bizim idmançılarımız dünyanın müxtəlif ölkələrində 1500-dən artıq medal qazanmışlar. Təsəvvür edin ki, 1500 dəfə Azərbaycanın bayrağı dünyanın müxtəlif ölkələrində dalğalanmış, 500-dən artıq idmançımız qızıl medala layiq görülmüş və Azərbaycanın himni dünyanın müxtəlif ölkələrində səslənmişdir. Bizim respublikamızda bu 4 il ərzində 130-dan artıq dünya, Avropa və digər beynəlxalq yarışlar yüksək səviyyədə təşkil olunmuşdur.
Təbii ki, dövlətimizin Azərbaycan idmanına göstərdiyi böyük diqqət, qayğının əməli nəticəsidir ki, dünya idman federasiyalarının prezidentləri Azərbaycan ölkəsinə, Azərbaycan idmanına çox etimadla yanaşır, bizim respublikamızda nəinki beynəlxalq yarışların keçirilməsinə, həmçinin olimpiya oyunlarına lisenziya verən yarışların keçirilməsinə razılıq verirlər. Bu çox əlamətdar və gözəl bir haldır.
Bildiyiniz kimi, bizim idmançılarımızın sonuncu olimpiya oyunlarında iştirak etməsi, 7 medal qazanması, dünyada idman ölkəsi kimi tanınan Yunanıstanı, Bolqarıstanı, İranı geridə qoyması Azərbaycan idmanına dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir. Bu gün Azərbaycan idmanı çox sürətlə inkişaf edir və bu məqam bizim çox hörmətli millət vəkillərimiz tərəfindən xüsusilə qeyd olundu.
Təbii ki, problemlər də vardır. Bu nədən ibarətdir? Bu gün bizim bölgələrimizdə olimpiya kompleksləri inşa edilib. Bildiyiniz kimi, son illərdə 17 olimpiya kompleksi inşa etdirilib və həmin bölgələrdə olan insanların istifadəsinə verilib. Amma həmin komplekslərin saxlanılması da vacibdir. Yəni onlar təsərrüfat hesabında olan komplekslərdir. Bölgələrdə olan insanların, yəni kasıb təbəqənin orada məşğul olması üçün, həmçinin həmin komplekslərin normal saxlanılması üçün su və işıq təchizatının, habelə digər xidmətlərin güzəştli şərtlərlə olmasına böyük ehtiyac var.
Bununla yanaşı, bu gün bizim respublikamızda idmanın inkişafı ilə əlaqədar dünya standartlarına cavab verən idman avadanlıqlarının gətirilməsində çox böyük problemlər yaşanır və həmin idman avadanlıqlarından tutulan vergi rüsumlarının yüksək olması çətinliklər yaradır. Biz bütün imkanlarımızla Azərbaycan idmanının inkişafında öz xidmətlərimizi göstərəcəyik. Ümidvarıq ki, qarşıdan gələn London olimpiya oyunlarında idmançılarımız respublikamızı daha da yüksək səviyyədə təmsil edəcəklər, Azərbaycanımıza, respublikamıza medallar gətirəcəklər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Amma mən səhv eləmirəmsə, Gənclər və İdman Nazirliyi tərəfindən gətirilən bütün avadanlığa tətbiq olunan rüsumlar götürülüb. Bu yaxınlarda kompleksdə olanda mənə bildirdilər. Gənclər və İdman Nazirliyi tərəfindən gətirilən avadanlıqdan söhbət gedir,  kommersiya strukturları tərəfindən gətirilən avadanlıqdan deyil.
Mən bir şeyi deyim. Bu yaxınlarda bizim nümayəndə heyəti Litvada rəsmi görüşdə idi. Litva parlamentinin spikerinin birinci sözü Azərbaycan idmançılarını təbrik eləmək oldu və Azərbaycanın sərbəst güləşçilərinin Litvada keçirilən Avropa çempionatında 9 medal qazanmasını qeyd elədi. Bu bizdə, doğrudan da, qürur hissi doğurdu. Siz öz medallarınızı qazanın, biz də Milli Məclis olaraq sizin bütün problemlərinizi həll etməyə çalışarıq. Zemfira xanım Meftəhəddinova buyursun.
Z. Meftəhəddinova,  olimpiya çempionu.
Уважаемый господин председатель, уважаемые депутаты! Я очень извиняюсь, что говорю на русском языке. Мне просто так легче выразит свою мысль. Во первых, хочу сказать большое спасибо от имени спортсменов за то, что вы принимаете Закон о спорте. Этот закон будет способствовать развитию спортивного движения и здоровья нации.
Мы, спортсмены чувствуем заботу со стороны нашего Президента и правительства. Но я хочу заострить ваше внимание на вапросе о медицинском страховании. Вы знаете, что большой спорт – это часто травма и впоследствии болезни. Сейчас мы столкнулись с тем, что мой тренер тяжело болен и ему нужно дорогостоящее лечение. Я хочу заострить ваше внимание именно на медицинском страховании тренеров. Потому, что тренеры тоже неотъемлемая часть спорта, они также защищают честь нашей республики на таких больших соревнованиях, как чемпионаты Европы и мира. Пожалуйста, внимательно рассмотрите этот пункт. По примеру иностранных государств медицинское страхование должно быть и у спортсменов и у тренеров. Большое спасибо за внимание.
Sədrlik edən. Çox sağ olun. Düzgün təklifdir. Nəinki tibbi sığorta, eləcə də idmançılar üçün reabilitasiya mərkəzləri olmalıdır. Əfsus ki, hələ Azərbaycanda belə reabilitasiya mərkəzləri yoxdur. Bu barədə də fikirləşmək lazımdır.
Əgər başqa təkliflər yoxdursa, xahiş edirəm, birinci oxunuş üçün münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.38 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi  1
İştirak edir  102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Bu gün işimiz sona çatdı. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi