2009-ci il 30 iyun tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
XII  SESSİYASI İCLASININ

PROTOKOLU  №  119

Milli   Məclisin  iclas  salonu.
30  iyun  2009-cu  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 103 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.

* * *

Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri.
Enn Ders, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri.
Coanna Qenson, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin müşaviri.
Ketrin Kliff, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin ikinci katibi.
Filip Viber, Fransanın Azərbaycandakı Səfirliyinin birinci müşaviri.
Riçard Bergen, Norveçin Azərbaycandakı Səfirliyinin əməkdaşı.
İsmayıl Əbdüləzimov, İsveçrənin Azərbaycandakı Səfirliyinin mətbuat katibi.
Peter Booms, Belçikanın Azərbaycandakı Səfirliyinin birinci katibi.
Bruno Pueza, BMT-nin Azərbaycan Respublikasındakı rezident-əlaqələndiricisi.
Jan-Lui Lavroff, Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyinin müşaviri.
Manfredas Limantas, Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyinin attaşesi.
Elgün Tağıyev, ATƏT-in Azərbaycandakı ofisinin əməkdaşı.
Monika Martinez, ATƏT-in Azərbaycandakı ofisinin əməkdaşı.
Aynur Quliyeva, ATƏT-in Azərbaycandakı ofisinin əməkdaşı.
Veronika Kotek, Avropa Şurası Baş katibinin xüsusi nümayəndəsi.
Məhin Hemari, Avropa Şurası Baş Katibliyinin əməkdaşı.

* * *

A.Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.

* * *

Folker Ellenberq, Almaniya Federativ Respublikasının Baden-Vürtemberq Əyalətinin Ədliyyə Nazirliyinin idarə rəisi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin eksperti.
Hansyohen Dürr, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin eksperti, istefada olan hakim.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (müzakirənin davamı).
2. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (müzakirənin davamı).
3. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqında.
 4. Gəncə və Şirvan apellyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında.
5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin layihəsi haqqında (üçüncü oxunuş).
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin layihəsi haqqında (üçüncü oxunuş).
7. Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
8. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Respublikası Hökuməti arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair Kredit Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Diplomatik xidmətdə fərqlənməyə görə” medalının təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
 11. Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. Azərbaycan Respublikasının Hacıqabul, Salyan, Sabirabad rayonlarının və Şirvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. Mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
 4. “Gəncə və Şirvan apellyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
5. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu.
8. “Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Respublikası Hökuməti arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair Kredit Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
9. “Diplomatik xidmətdə fərqlənməyə görə” medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
10. “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
 11. “Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikasının Hacıqabul, Salyan, Sabirabad rayonlarının və Şirvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
13. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
14. “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
15. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
16. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
17. “Mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
18. “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

30  iyun  2009-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, yerlərinizi tutasınız. Qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 98
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, keçən iclasdan iki məsələmiz qalıb və gündəlikdə 14 yeni məsələ var. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə  92
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  94
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik qəbil edildi. Müzakirələrə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Nəsib Nəsibli, buyurun.
N. Nəsibli. Təşəkkür edirəm, cənab Sədr. Deyiləsi, qaldırılası məsələlər çoxdur. Amma çoxdandır, bir məsələni demək istəyirəm və güman edirəm ki, sonuncu iclasda bunu demək yaxşı olardı. Dəfələrlə Qarabağ danışıqlarının cari vəziyyəti ilə bağlı qanunvericilik orqanına məlumat verilməsi təklifləri söylənilib. Cavabında deyilib ki, icra hakimiyyəti işləyir və yaxın gələcəkdə problem həll ediləcək. Hər dəfə prezidentlərin və ya xarici işlər nazirlərinin görüşü ərəfəsində də mətbuat nikbin əhvali-ruhiyyə yaratmağa çalışır. Halbuki problemə güc balansı baxımından yanaşsaq, görərik ki, yaxın gələcəkdə bu problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipləri çərçivəsində həlli mümkün deyil. Başqa sözlə, yaxın gələcəkdə bu həyati problemimiz həll edilməyəcəksə, bəs nə etməliyik?
Fikrimcə, bir məsələdə Milli Məclis fəal olmalıdır. Yəni bu məsələnin məsuliyyətini də öz üzərinə götürməlidir. Mən təklif edirəm, Milli Məclis “Qarabağ milli proqramı” adlı bir qərar layihəsi ilə çıxış etsin. Bu layihəni iclasdan sonra təqdim edəcəyəm. Prosedur bir az mürəkkəbləşdirilib, çatdıra bilmədim. Həmin layihənin məğzi iki cümlədə bilinir: “Azərbaycan Respublikası Milli Məclisi ölkənin ərazi bütövlüyünün bərpasını Azərbaycan Respublikasının həyati marağı hesab edərək, Qarabağ sülh danışıqlarının ifrat uzandığını nəzərə alaraq, Qarabağ probleminin həllində qanunverici orqanın rolunun artmasını zəruri sayaraq qərara alır: 1. Müvafiq icraedici orqana Qarabağ probleminin həlli konsepsiyasının, Qarabağ milli proqramının hazırlanması və onun Milli Məclisin müzakirəsinə təqdim etməsi tövsiyə olunsun. 2. Hər ilin sonunda Qarabağ milli proqramı çərçivəsində Qarabağ probleminin cari vəziyyəti müzakirə edilsin və uyğun qərarlar verilsin”. Bu layihəni, dediyim kimi, günün ikinci yarısında müzakirə üçün təqdim edəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli qonaqlar, millət vəkilləri, media nümayəndələri! Mən millət vəkillərinin diqqətini bir məsələyə cəlb etmək istəyirəm. Mətbuatda oxudum ki, İranın kütləvi informasiya vasitələri Azərbaycan xalqının Şimon Peresin Azərbaycana səfərinə etiraz etməsi haqqında açıqlamalar veriblər və guya İran hökuməti də Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirmək üçün öz səfirini Azərbaycandan geri çağırıb. Əslində, Azərbaycan iqtidarı İranla dostluq siyasəti aparır, amma mən deyərdim ki, İranın bu yanaşması dost dövlətə olan yanaşma deyil, düşmən dövlətə olan yanaşmadır.
Azərbaycan xalqının mütləq əksəriyyəti, mən deyərdim, xarici ölkələrdən maliyyələşən beş-altı qeyri-hökumət təşkilatı, siyasi partiya istisna olmaqla, – əgər onlara siyasi partiya demək olarsa, – Şimon Peresin Azərbaycana səfərini yüksək dəyərləndirir, qiymətləndirir, alqışlayır. Azərbaycan xalqı, Azərbaycandakı əsas aparıcı siyasi partiyalar çox istəyirlər ki, Azərbaycanın İsraildə səfirliyi açılsın, Azərbaycan İsraillə münasibətləri genişləndirsin, hərbi sahədə əməkdaşlığı inkişaf etdirsin. Mən hesab edirəm ki, bizim millət vəkilləri, siyasətçilər də bu məsələlərə biganə qalmamalıdırlar və buna kəskin etirazlarını bildirməlidirlər. Mən, sadəcə olaraq, bu məsələyə millət vəkillərinin diqqətini cəlb etmək istəyirəm. Hesab edirəm ki, bizim Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bu məsələni araşdırmalıdır. Həqiqətən də, səfir geri çağırılıbmı? Mən Xarici İşlər Nazirliyinin mətbuat nümayəndəsinin açıqlamasından bunu dəqiqləşdirə bilmədim. O deyir ki, səfir özü hansı yolla gəlib, hansı yolla da qayıtmağı müəyyən edə bilər. Amma bəlli olmur ki, həqiqətən də, səfir ölkəni tərk eləyib, yoxsa yox? Əgər ölkəni bu motivlərlə tərk edibsə, biz ona öz kəskin etirazımızı bildirməliyik. Guya onlar Azərbaycanın səfirini də İrandan çıxarmağa hazırlaşırlar. Bu məsələlərlə bağlı Milli Məclis, komitəmiz kəskin etirazını bildirməlidir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də gündəlikdə olan məsələlərə tərəfdaram və buna öz münasibətimi bildirirəm. Amma digər bir məsələyə də münasibətimi bildirmək istəyirəm, hörmətli Sədr. Bilirsiniz ki, son günlərdə Azərbaycanda orta məktəblərdə müəyyən imtahanlar keçirilib. 20 minə yaxın Azərbaycan vətəndaşı, şagirdi attestat ala bilmədiyi üçün bu il ali məktəblərə qəbul imtahanlarında iştirak etmək hüququndan məhrum olunub. Mən Təhsil Nazirliyinin bu sistemi tətbiq etməsini başa düşürəm, düzgündür, çünki istər humanitar, istərsə də dəqiq elmlər sahəsinə gedən hər bir şagird bütün fənləri bilməlidir və onun ümumi dünyagörüşü olmalıdır. Lakin bu sistemin birdən-birə tətbiq olunması düzgün olmazdı. Keçən dəfə, cənab Sədr, Siz də dediniz ki, 9 illik təhsillə bağlı bu qayda növbəti ildə birinci sinfə gedənlər üçün tətbiq ediləcəkdir. Heç bir qanunun geriyə qüvvəsi yoxdur. Bu baxımdan həmin qaydaları mərhələ-mərhələ tətbiq etmək düzgündür. Abituriyentlərin 25–30 faizinin kənarda qalması göstərdi ki, orta məktəblər hələ bu prosesə tam hazır deyildir. Bizə edilən müraciətlərdən də görürük ki, kənarda qalanların böyük əksəriyyəti müəyyən sahə üzrə çox savadlı, qabiliyyətli uşaqlardır. Humanitar fənlər üzrə qiymətləri “5”dir, dəqiq elmin birindən qiymət ala bilməyib və bunun nəticəsi olaraq attestatdan məhrum edilib.
Cənab Sədr, Sizə müraciət edirik, bu barədə cənab Prezidentə məlumat verin. Təhsil Nazirliyi belə qərar qəbul edib. Bu gün Azərbaycan vətəndaşları, valideynlər çox narahatdırlar. Bu 20 min insanın taleyinə biganə qalmayaq, cənab Prezidentdən xahiş edək ki, onların yenidən imtahan vermələri üçün şərait yaradılsın. Həmin şagirdlərə attestat verilsin, növbəti ildə qaydaların daha da sərtləşdirilməsi üçün addımlar atılsın. 25 faiz abituriyentin içində qabiliyyətli insanlar çoxluq təşkil etdikləri halda, bu insanların ali məktəblərə qəbuldan kənarda qalmaları, hesab edirəm, düzgün olmazdı. Bu faiz təxminən 21 mindən artıq Azərbaycan vətəndaşını əhatə edir. Belə bir humanist addımın atılması, həm şagirdlərin, həm də onların valideynlərinin dövlətimizlə, dövlətçiliyimizlə bağlılığını daha da möhkəmləndirməkdən və onların “ali təhsil almaq üçün mütləq savad lazımdır” prinsipini başa düşmələrindən ötrü, hesab edirəm, belə bir addım ataq. Gələcəkdə isə bu qaydaları daha da sərtləşdirə bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Siyavuş müəllim. Qəbul etdiyimiz Təhsil haqqında çərçivə qanununun test imtahanlarına hələlik aidiyyəti yoxdur. Test imtahanlarının keçirilməsi üçün son illər ərzində Təhsil Nazirliyi proqramlar həyata keçirirdi. Bu qaydaların tətbiq edilməsi üçün hazırlıq görülübdür. Həmin hazırlığın səviyyəsi barədə, lazımdırsa, danışaq. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun, möhtərəm Sədr. Hörmətli millət vəkilləri, mən gündəlikdə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə yeni qanun layihəsinin təqdim olunduğunu görürəm. Mən hesab edirəm ki, bu əlavə və dəyişikliklər keçən dəfə edilən əlavə və dəyişikliklərdən müsbət cəhətlərinə görə xeyli dərəcədə fərqlənir. Amma mahiyyət etibarilə ciddi dəyişikliklər deyil. Təklif edirəm ki, bu dəyişikliklər haqqında qanun layihəsi bütövlükdə gündəlikdən çıxarılsın. “Dini etiqad azadlığı haqqında” Qanuna edilən əlavə və dəyişikliklər heç də bəzi qanunvericilik aktları, xüsusilə qeyri-hökumət təşkilatları ilə bağlı nəzərdə tutulan hissədən mənfi cəhətlərinə görə fərqlənmir. Ona görə hesab edirəm, “Dini etiqad azadlığı haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi də Milli Məclisin bugünkü gündəliyindən çıxarılmalıdır.
Məndən əvvəl hörmətli millət vəkili Siyavuş Novruzov orta məktəblərdə imtahanlarla bağlı məsələlərə toxundu. Mən də çox istəyərdim ki, bu məsələ ilə bağlı Milli Məclisdə müzakirə keçirilsin və yaxud Milli Məclisin səlahiyyətli komitələri bununla bağlı ciddi araşdırma aparsınlar. 20 minə yaxın abituriyent attestat ala bilməyib. Bu, orta məktəblərdə Azərbaycan təhsilinin səviyyəsinimi, yoxsa imtahanların qeyri-peşəkarlıqla keçirilməsinimi göstərir? Biz dəfələrlə burada da, ayrı-ayrı televiziya proqramlarında da, kütləvi informasiya vasitələrində də qeyd etmişik ki, məktəblərdə təhsilin səviyyəsinin aşağı olmasına rəğmən şagirdlər repetitorlarla hazırlaşır, 9–11-ci siniflərdə isə konkret sahə ilə bağlı ciddi şəkildə müəllim yanına gedir, pul ödəyir, artıq müəyyən bir istiqamət, kurs götürürlər. Əslində nə olur? Humanitar və ya texniki sahə üzrə hazırlaşan şagird digər fənlərdən imtahan verəndə olduqca aşağı qiymətlər, yəni “iki” alır, mahiyyət etibarilə təhsildən kənarda qalır.
Əvvəlcədən sistemləşdirmək lazım idi ki, ümumi bilik hansı səviyyədə olmalıdır. Attestat almaq üçün texniki və yaxud humanitar fənlər üzrə alınan qiymətləri müəyyən etmək olardı. Şagird aşağı qiymət alıbsa, keçid balı toplamayıbsa, həmin sahə üzrə ali məktəbə sənəd verə bilməz. Şagird tutaq ki, humanitar sahəni seçib, lakin bu gün texniki fənlər üzrə imtahan verə bilməyibsə, mahiyyət etibarilə təhsildən, müəyyənləşdirdiyi, istiqamətləndirdiyi sahədən kənarda qalır. Yekun olaraq onu demək istəyirəm ki, bu, ümumiyyətlə, Azərbaycan təhsilinin bərbad vəziyyətdə olmasından xəbər verir. Dəfələrlə bunu burada, hökumətin hesabatı dinlənərkən də qeyd etmişik. Təəssüf ki, nəzərə almayıblar.
Sədrlik edən. Hörmətli İqbal müəllim, deyirsiniz ki, repetitorluq ləğv olunsun? Repetitorluğu ləğv eləmək üçün şagirdlər icbari təhsil dövründə normal təhsil almalıdırlar. Ancaq bunun necə yerinə yetirildiyi başqa məsələdir. Mən hesab edirəm ki, illər ərzində həyata keçirilən pilot-layihələr bu məsələnin həllini artıq yaxınlaşdırır. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Mən bu sözləri keçən iclasda demək istəyirdim. Bu gün də eyni mənzərə təkrar olundu. Qeyri-hökumət təşkilatlarının piketi ilə bağlı xəbər çıxan kimi Milli Məclisi mühasirəyə alıblar, hətta dayanacaqlarda avtobuslar da saxlamır. Orada öz işləri ilə bağlı gedən adamlara da, hətta deputatlara da “burada dayanmayın, toplaşmayın” deyə göstərişlər verilir. Hesab edirəm ki, bu çox eybəcər bir mənzərədir. Xahişimiz budur ki, Milli Məclisin Sədri kimi Siz də bu cür halların Milli Məclisin, parlamentin ətrafında təkrar olunmaması üçün göstəriş verəsiniz, belə hallara yol verilməsin. Bir daha təkrar edirəm, Milli Məclisin ətrafında biabırçı, rüsvayçı bir mənzərə müşahidə olunub.
İkincisi, hörmətli Sədr, hörmətli Milli Məclis deputatları, bilirsiniz ki, hal-hazırda respublikada dövlət əhəmiyyətli bir kampaniya, yəni taxıl yığımı başlayıb. Bütün mətbuat, dövlət orqanları da ölkəmizin ərzaq təhlükəsizliyi ilə bağlı olan bu ciddi kampaniyaya cəlb olunub. Çox ciddi bir problem meydana çıxıb. Bilirsiniz ki, buğda əkən fermerlərə dövlət büdcəsindən yardım ayrılır. Həmin büdcəni biz burada təsdiq etdik. Sonra, toxum və gübrə üçün əlavə güzəştlər verildi. Həm dövlət büdcəsinin, həm də əkinçilərin, sahibkarların, adi fermerlərin vəsaiti hesabına bol məhsul yetişdirilib. Amma necə vəziyyət yaranıb? Min əziyyətlə yüz milyonlarca vəsait hesabına əldə edilmiş taxıl hal-hazırda tökülüb qalıb. Əvvəllər bunun dövlət tərəfindən 24 qəpiyə alınması barədə təminat verilmişdi. İndi taxılın qiyməti bəzi yerlərdə 6 və ya 8 qəpiyə düşüb. Mən sizi inandırıram ki, bu məsələnin qarşısını alan ciddi, dövlət səviyyəsində tədbir görülməsə, gələn il heç kəs taxıl, buğda əkməyəcək. Bu nə plansızlıqdır, nə təsərrüfatçılıqdır? Bir il büdcə vəsaiti qoyulsun, tədbir görülsün, amma məhsul qalsın ortada və hər şey bərbad hala salınsın? Bu, ciddi məsələdir, Milli Məclisin rəhbərliyini, müvafiq komitələrini və xüsusən də icra hakimiyyəti orqanlarını bu məsələyə ciddi diqqət yetirməyə çağırırıq.
Bir daha təkrar edirəm, mənim özümə də yerlərdən onlarca, yüzlərcə belə məktublar gəlir. Buğdanı elan olunmuş qiymətə almaq lazımdır ki, dövlət dotasiya məsələsini də ödəmiş olsun. Dünyada belə hallar olub. Yüz milyonlarca dövlət vəsaiti hesabına texnika alınıb, amma mətbuatda ayrı-ayrı adamların, hətta bizim deputatların da bu məsələdə adı hallanır. Rayonlardan texnika götürülür, kimin adamı, imkanı varsa, “Aqrolizinq” xətti ilə alınmış texnika onun taxılının yığılmasına cəlb olunur. Misal üçün, Cəlilabadda, Sabirabadda, bir sıra başqa yerlərdə isə taxıl quruyub yerə tökülür. Bir daha təkrar edirəm, insanların əli heç yerə çatmır. Bu məsələyə ciddi diqqət yetirilməsinə tərəfdaram.
Sonda demək istəyirəm ki, təhsildə ağrılı tədbirlərə keçməsək, Azərbaycan təhsilini düzəldə bilmərik, mən deputatların dedikləri fikirlərin əleyhinəyəm.
Sədrlik edən. Sağ olun, Pənah bəy. Fikirlərimiz üst-üstə düşdü, çox gözəl oldu. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Möhtərəm Sədr, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Hörmətli cənab Sədr, Pənah bəyin fikri ilə tək Sizin fikriniz deyil, bir çox deputatların fikirləri üst-üstə düşür, çünki qələbə qurbansız olmaz. Əgər biz repetitorlardan canımızı qurtarmaq, orta məktəblərdə dərslərin yüksək səviyyədə keçilməsini, tələbələrin məlumatlı olmalarını istəyiriksə, müvafiq addımlar atılmalıdır. Amma mən də bildirirəm ki, 20 min tələbənin problemlərlə üzləşməsi, əlbəttə, yaxşı göstərici deyildir. Amma bir məsələ də var ki, hər hansı işi həll etmək, problemi aradan qaldırarkən müəyyən problemlərin də yaranması qanunauyğundur.
Parlamentin növbədənkənar sessiyasına da artıq yekun vururuq, cənab Sədr. Mən hesab edirəm ki, Azərbaycan hakimiyyətinin, hökumətinin istər beynəlxalq səviyyədə, beynəlxalq yönümlü, istərsə də daxili istiqamətdə həyata keçirdiyi bütün tədbirlərin, uğurların misilsiz olduğu, əlbəttə, heç kəsdə şübhə yaratmır. Bu, göz qabağındadır. Yəni böyük işlər görülmüşdür. Parlamentdə də çoxsaylı qanunlar qəbul olunmuş, çoxlu qanunlara əlavə və dəyişikliklər edilmişdir. Bu bizim uğurlarımızdır.
Ümumiyyətlə, mətbuatda da sədalar yayılır ki, Türkdilli Ölkələrin Parlamentlərarası Assambleyasının toplantısının Azərbaycanda keçirilməsi gözlənilir. Bu da, cənab Sədr, bizim parlamentimizin, ölkə səviyyəsində həyata keçirilən uğurların nəticəsi kimi qiymətləndirilməlidir. Sizin də bilavasitə rəhbərliyinizlə yeni korpusun vaxtında istifadəyə verilməsi üçün göstərilən cəhdlər də bizim uğurlarımızdır. Ümidvaram ki, bunlar hamısı həyata keçiriləcəkdir.
Cənab Sədr, hesab edirəm ki, dəfələrlə deputat həmkarlarımızın dedikləri kimi, “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi haqqında məsələnin payız sessiyasının gündəliyinə daxil edilməsi ümumi işimizin xeyrinə olardı. Mən istər yaz sessiyası, istərsə də növbədənkənar sessiya dövründə həyata keçirilən işi, bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsini, yeni qanunların qəbil edilməsini parlamentin uğuru sayıram, müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bundan sonra da biz, deputatlar həmrəy olaraq, bütün işlərin həyata keçirilməsində öz səylərimizi göstərəcəyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. İyun ayının 26-da Türkiyənin İstanbul şəhərində Türkiyə–Azərbaycan münasibətlərinə həsr olunmuş beynəlxalq dəyirmi masa keçirildi. Tədbirdə iştirak edən 103 nəfərin təqribən 30-u Azərbaycandan dəvət olunmuş tanınmış insanlar, ziyalılar, o cümlədən Milli Məclisin 7 deputatı idi. Həmin tədbir Türkiyənin tanınmış qeyri-hökumət təşkilatı tərəfindən keçirilirdi. Haşiyədən kənara çıxım ki, həmin təşkilatın maliyyə vəsaiti tamamilə milli donorlar hesabına formalaşdırılır.
Dəyirmi masada, ümumən, Azərbaycan–Türkiyə münasibətlərinin bütün aspektləri, siyasi, iqtisadi, təhsil, elm sahəsində əlaqələr və bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində cəmiyyətin resurslarından istifadə edilməsi məsələsi qoyulurdu. Türkiyə tərəfdən Türkiyə Baş nazirinin böyük müşaviri, Türkiyə parlamentinin deputatları, Türkiyənin tanınmış insanları, elm adamları iştirak edirdilər. Çıxışlarda Azərbaycan–Türkiyə münasibətlərinin bundan sonra daha da dərindən inkişaf etdirilməsi, bu qardaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanırdı. Həm Türkiyə, həm də Azərbaycan tərəfindən edilən çıxışlarda bildirilirdi ki, bu qardaşlığın alternativi yoxdur. Türkiyənin müəyyən dairələrinin işğalçı Ermənistan dövləti ilə sərhədləri açmaq istəyi Türkiyə cəmiyyəti tərəfindən birmənalı şəkildə pislənilir. Türkiyədən olan həmkarlarımız bunun heç vaxt mümkün olmayacağı barədə çox ciddi bəyanat verdilər. Bu bəyanatları onlar Türkiyənin rəhbərləri – Prezident Abdulla Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda verdikləri bəyanatlarla təsdiqləyirdilər.
Azərbaycan tərəfi də Türkiyə ilə münasibətlərə böyük önəm verdiyini və Türkiyənin uğurlarına sevindiyini, problemlərinin isə həllində Azərbaycanın da daim iştirak etmək istəklərini bildirdi. Bu cür tədbir, ümumən, cəmiyyət səviyyəsində münasibətlərin daha da möhkəmləndirilməsi üçün çox böyük dəstək oldu. Qərara alındı ki, bu cür tədbirlər bundan sonra vaxtaşırı Azərbaycan–Türkiyə və digər ölkələrdə də, hətta birgə iştirakla təmin edilsin. Ümumilikdə, bu münasibətlərin gücləndirilməsi, resurslardan hərtərəfli faydalanmaq üçün cəmiyyətin bütün imkanlarından istifadə edilsin. Parlament üzvlərinə bu barədə məlumat verməyi özümə borc bildim.
Sonda bir məsələyə də toxunmaq istərdim. Bu günlərdə orta məktəblərdə yekun imtahanları keçirildi. Burada deputat həmkarlarım da bildirdilər ki, şagirdlərin bir qismi kənarda qaldı. Mən deyərdim, sevinmək lazımdır ki, artıq imtahanlar obyektiv şəkildə keçirilir. Bu imtahanların keçiriləcəyini şagirdlər, onların valideynləri bilirdilər. Hər kəs layiq olduğu qiyməti almalıdır. Xarici ölkələrdə də belə imtahanlar keçirilir və hər kəs öz biliyinə müvafiq qiymət alır. Bununla belə, təklif edərdim ki, təkrar imtahan keçirilsin. Ola bilsin ki, kimlərsə müəyyən səbəblərdən layiq olduqları qiymətləri ala bilməyiblər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bu imtahanlar haqqında çox müraciətlər oldu. Mən təhsil nazirini buraya dəvət edərək söhbət apararam ki, görək nə etmək mümkündür? Baba Tağıyev.
B. Tağıyev. Cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan dövləti, xalqı özünün şərəfli illərini, günlərini, eyni zamanda da, çox ağır və çətin günlərini yaşayır. Ona görə şərəfli günlərini yaşayır ki, ulu öndərimiz Heydər Əliyevin qoyub getdiyi, möhtərəm Prezidentimizin yürütdüyü düzgün siyasətin nəticəsində Azərbaycan xalqının firavanlığı yüksəlir, Azərbaycan dövləti möhkəmlənir. Azərbaycanın dünya siyasətində özünə layiqli yer aldığı görünür. Ona görə çətin və ağrılı günlərini yaşayır ki, Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır. Mən bu gün burada Ermənistana, separatçı quruma hərbi, pul vəsaiti və sair yardım edən qurumlar haqqında danışacağam. Bildiyinizə görə, İran İslam Respublikası “Hizbullah” təşkilatına 786 milyon dollarlıq birbaşa yardım edibdir. Ermənistan separatçı qurumu Beyrutda, Livanda ermənilərlə birlikdə özünün toplantılarını keçirir, hərbi ittifaqlar yaradır, əməkdaşlıq edir. Ermənistana hərbi yardımlar, pul vəsaitləri və hərbi texnika verilir.
Mən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. 40 milyonluq Azərbaycan xalqı İranda büdcəyə vergi ödəyir. İran büdcəsini doldurur, İran dövləti isə həmin vəsaiti “Hizbullah”a verərək, “Hizbullah” vasitəsilə ermənilərə, Yerevana, Dağlıq Qarabağa ötürür. Bir tərəfdən, Azərbaycan xalqının haqları alınıb başqasına verilir. Onun oxumaq, yazmaq, məktəblər açmaq hüququ tanınmır, yerinə yetirilmir. Digər tərəfdən isə Azərbaycan dövlətinin əleyhinə bu qədər pul vəsaitinin “Hizbullah”ın əli ilə xərclənməsinə nail olunub. İndi görün, Allahın 40 milyon insana verdiyi haqqı İran İslam Respublikası yerinə yetirmir, görün nə qədər Allahsız iş tutur, İslami dəyərlərə zidd olan əməllərə yol verir. Azərbaycan dövlətinin əleyhinə pul vəsaitlərinin ötürülməsinə xidmət edir. Mən bilirəm, kimlərsə deyəcəklər ki, biz hər hansı xarici dövlətin daxili işinə qarışa bilmərik. Elə deyil, 40 milyon azərbaycanlının haqqı heç bir xarici dövlətin daxili işi deyil, insan haqları heç bir dövlətin daxili işi deyil. İkinci isə 50 milyonluq Azərbaycan xalqının...
Sədrlik edən. Bura parlamentdir, sözlərinizə fikir verin. Əgər fakt yoxdursa, ümumi sözlərlə danışmaq bizə yaraşmaz. Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən ilk öncə bu gün parlamentin müzakirəsinə təqdim edilən gündəliklə razı olduğumu bildirmək istəyirəm. Hesab edirəm ki, bundan əvvəlki iclasda başlanan müzakirələri yekunlaşdırmaq lazımdır. Təqdim olunan qanun layihələri, düzəlişlər hər biri müzakirə üçün kifayət qədər ciddi əsaslara malik sənədlərdir. Bu gün Azərbaycan parlamentinin yaz sessiyasının sonuncu iclasıdır. Yaz sessiyasında Azərbaycan parlamenti kifayət qədər səmərəli fəaliyyət göstərib. Mən inanıram ki, bu gün parlamentin yaz sessiyasının sonuncu iclasını yüksək əhvali-ruhiyyə ilə başa vuracağıq. Azərbaycanın parlament üzvlərinə qarşıdan gələn istirahət müddətində yaxşı istirahət arzu edirəm ki, payız sessiyasına yüksək əhvali-ruhiyyə ilə işə başlaya bilək.
Hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycanın bütövlükdə yay mövsümünü yüksək əhvali-ruhiyyə və optimist notlarla keçirəcəyini düşünürəm. Mən xüsusilə dünən Azərbaycan Respublikasının Prezidenti ilə Rusiya Federasiyasının Prezidentinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar optimist görüntülər yaradan bəyanatı qeyd etmək istəyirəm. Rusiya Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin çox yaxın zamanda öz həllini tapa bilməsi ilə əlaqədar böyük şansların olması barəsindəki bəyanatı, hesab edirəm ki, bu istiqamətdə aparılan işlərin yeni bir mərhələyə daxil olması haqqında fikir yürütməyə əsas verir. Güman edirəm ki, bu bəyanat heç də ciddi əsaslardan məhrum deyil.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Prezidentinin belə bir bəyanat səsləndirməsi Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həm ədalət, həm də beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapacağına Azərbaycan cəmiyyətində inamı artırıbdır.
Bir təhsil işçisi kimi, mən burada təhsillə bağlı səsləndirilən narahatlıqlara münasibətimi göstərməyə bilmərəm. Güman edirəm ki, bu narahatlıq təhsilə, Azərbaycan vətəndaşlarının hər birinin olduğu kimi, Azərbaycan parlament üzvlərinin də diqqətini və qayğısını ifadə edir. Biz daim Azərbaycanda təhsilin vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar təkliflər irəli sürmüşük. Bu təkliflərimizin kökündə, mahiyyətində duran məqamlardan biri də bütövlükdə insanların biliyinin obyektiv qiymətləndirilməsidir. Mən güman edirəm ki, həmin imtahanlar şagirdlərimizin biliyinin obyektiv qiymətləndirilməsinə yönəlibdir.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Mirkazım Kazımov.
M.Kazımov. Təşəkkür edirəm. Mənim vaxtımı Zahid Orucova verin.
Sədrlik edən. Zahid Orucova mikrofon verin.
Z.Orucov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli Milli Məclis üzvləri! Mən sizin diqqətinizi bu günlərdə Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının alt komitəsində aparılmış müzakirələrlə bağlı məsələyə cəlb etmək istəyirəm. Bilirsiniz ki, orada 920-ci maddə ilə bağlı məsələlər müzakirəyə qoyulmuşdu. Bu məsələnin hələ ki açıq qalması, qərarların verilməməsi, özlüyündə hesab edirəm ki, Azərbaycana bir siyasi təzyiq formasıdır və Azərbaycan–Amerika münasibətlərini aşağılayan bir haldır. Mən nəyə əsasən bunları vurğulamaq istəyirəm? Həmin maddənin gündəmə çıxarılması, qanunvericilik forması alması və ötən dövr ərzində Azərbaycan–Amerika münasibətlərinə zərbə vurmasının tarixi hər birinizə bəllidir. Azərbaycan hər hansı bir formada Ermənistanın təcavüzkarlığı qarşısında dayansa da, Amerika qanunvericilərinə lazımi məlumatları çatdıra bilməmişdir. Həmin dövrdə bu maddənin gündəmə gətirilməsini bəlkə də anlamaq olardı. Hərçənd ki, buna bəraət qazandırmaq mümkün deyil. Amma sonrakı dövrdə bölgənin tarixi, real vəziyyəti, Ermənistanın işğalçı durumu ilə bağlı yetərincə informasiyaya malik olan Amerika strateqləri, onun böyük mərkəzləri, institutları, o cümlədən administrasiyası 2001-ci ilə qədər bu maddəni qüvvədə saxladılar. Yalnız antiterror koalisiyası yarananda öz maraqları kontekstində həmin maddənin qüvvəsi dayandırıldı. İndi də təkrar-təkrar hər il veto qoyulmadan bu məsələ gündəmdə saxlanılır. Bizə izah edirlər ki, guya bu, Amerikanın qanunvericilik texnikası ilə bağlıdır. Bir maddə qəbul olundumu, sonra bunu topludan çıxarmaq mümkün olmur. Lakin belə deyil. Mən tarixi misallar göstərə bilərdim. Vaxt azdır. Sadəcə, onu vurğulamaq istəyirəm ki, bu, özlüyündə ermənilərə yaxşı imkan verir. Bu, Ermənistanın diplomatiyasına yaxşı imkanlar verir.
İkinci tərəfdən. Biz pul davasında deyilik. Zamanında ulu öndər Amerikanın rəhbər nümayəndələri ilə görüşəndə deyirdi: Azərbaycan dava açmır ki, Amerika bizim ölkəmizə maliyyə yardımları etsin. Amma bunun siyasi tərəfi bizi ağrıdır. Azərbaycanın ümumi beynəlxalq münasibətlərinə mane olur. Amerikanın hər il Ermənistana, Dağlıq Qarabağa etdiyi maliyyə yardımları nə qədər hədəfinə çatıb? Qarabağ, Ermənistan nə qədər demokratikləşib? Nə qədər normal bir cəmiyyət qurulub? Azərbaycanın bir subyektinə edilən yardımlar Dağlıq Qarabağdakı separatçı rejimi görün nə qədər möhkəmləndirib? Onlar hərbi xunta rejimi olaraq qalmaqda nə qədər davam edəcəklər? Bunlar Amerikanın Qarabağa münasibətində necə təzahür edir? Baxmayaraq ki, qanunvericilik orqanından gələn bir məsələdir, amma bütövlükdə Amerikanın Qarabağa münasibətini ifadə edir. Ona görə də biz bu məsələyə kəskin etirazlarımızı bildirməliyik.
Sədrlik edən. Çox sağ olun, Zahid müəllim. Dediyiniz məsələlərə, səhv etmirəmsə, bizim Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, bir də, İqtisadi siyasət komitələrində baxılır. Amerika Birləşmiş Ştatları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Amerika Birləşmiş Ştatlarının Konqresi həmişə qərarlar qəbul edir, humanitar yardımlar göstərir. Biz bunu başa düşürük, dəstəkləyirik. Ancaq bir məsələ var ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü tanınır. Ona görə də Dağlıq Qarabağa hər hansı bir yardım yalnız Azərbaycan vasitəsilə olmalıdır. Biz belə də başa düşürük. Ona görə də mən hesab edirəm ki, komitələrin müraciətinə, yəqin ki, konqresin palatalarında bir münasibət bildiriləcək. Əhəd Abıyevə söz verək və müzakirələri bununla qurtaraq.
Ə. Abıyev. Hörmətli Sədr, təşəkkür edirəm. Hörmətli millət vəkilləri, bu gün Azərbaycanda tanınan görkəmli elm xadimi, tanınmış ziyalı, millət vəkili Cəlal Əliyevin ad günüdür. Bütün millət vəkilləri adından hörmətli ziyalımızı ad günü münasibəti ilə təbrik edirəm, ona can sağlığı arzulayıram!
Əziz dostlar, bu gün Azərbaycandakı bu sabitliyin, əmin-amanlığın yaranmasında, insanların firavan yaşamasında polis işçilərinin böyük əməyi, zəhməti var. Qarşıdan onların da bayramı gəlir. Mən polis işçilərini də ürəkdən təbrik edirəm, onlara şərəfli işlərində uğurlar arzulayıram! Sağ olun.
Sədrlik edən. Sağ olun, Əhəd müəllim. İndi gündəlikdəki məsələlərə keçirik. Bildiyiniz kimi, birinci və ikinci məsələnin müzakirəsini biz bir yerdə keçirmişdik. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi, eləcə də Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihələrinin müzakirəsinə başlayırıq.
Bizə bir çox qeyri-hökumət təşkilatları tərəfindən müraciətlər olmuşdur. Eləcə də ilk iclasımızda bir çox millət vəkili bu layihələrlə bağlı təkliflər vermişdir. Mənim tərəfimdən komitəyə tövsiyə edildi və tapşırıq verildi ki, bu dəyişikliklərə bir də baxsınlar. Qanun layihələri sizə paylanılıb. Mən istəyərdim ki, öncə bu dəyişikliklər haqqında komitə sədri Əli Hüseynov qısa çıxış etsin, sonra müzakirələrə başlayaq. Buyurun, Əli müəllim.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Artıq Sizin verdiyiniz məlumatdan da bir daha ictimaiyyətə aydın oldu ki, komitə tərəfindən Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi çox şəffaf müzakirə olunmuş, Sizə, komitəyə ünvanlanan, burada millət vəkilləri tərəfindən səsləndirilən fikirlər, təkliflər, tənqidlər, iradlar ciddi müzakirə olunmuş və bunların əksər hissəsi nəzərə alınmışdır.
Cənab Sədr, fürsətdən istifadə edib, qanun layihəsinin müzakirə proseduru ilə bağlı fikrimi bildirmək istəyirəm. Bu layihədə mövcud qanunlara əlavə və dəyişikliklər nəzərdə tutulur. Böyük bir qanun layihəsi deyil. Qeyd etmək istəyirəm ki, bu dövr ərzində qanun layihəsinin müzakirədən, ümumiyyətlə, gündəlikdən çıxarılması kimi fikirlərin məntiqi əsasını başa düşmürdük. Dünya parlamentlərində qanunların qəbulunun proseduru var. Subyekt bizim misalda komitə təqdim edir, düzəlişlər, təkliflər irəli sürülür. Komitə buna münasibət bildirir və nəticə etibarilə ancaq parlamentin iradəsi ilə qanun ya qəbul olunur və ya qəbul olunmur.
Bu dövr ərzində çox maraqlı ictimai müzakirələr də keçirilib. Komitənin üzvü və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının sədri Azay müəllim də komitənin adından çox müzakirələrdə iştirak etmişdir. Əlbəttə, biz də müəyyən fikirlərə gəlmişik. Bu gün müzakirənin sonunda həmin fikirləri səsləndirmək istəyirdik. Amma, məncə, çox düzgün qərar qəbul etdiniz və biz həmin təklifləri parlamentin üzvlərinə təqdim etdik.
“Kütləvi informasiya vasitələri haqqında” Qanuna iki əlavə olunmasını təklif etmişdik. Biri bütövlükdə adlarla bağlı idi. Bu barədə mən qeyd etmişdim. Ya hüquqi şəxslərin adlarının qorunması ilə bağlı ayrıca bir qanun olmalıdır və yaxud bizim variantda həm “Kütləvi informasiya vasitələri haqqında” Qanunda, həm də “Qeyri-hökumət təşkilatları haqqında” Qanunda bu adları tənzimləyən bir norma nəzərdə tutulmalıdır. Bu normada bir sıra düzəlişlər etdik. Söhbət 1.2-ci maddədən gedir. Əhalini yanılda, sonradan tətbiq edilən zaman fərqli təfsir oluna bilən bu cür müddəaları, yəni mübahisə yarada bilən müddəaları çıxarmışıq. Amma ümumilikdə, 1.2-ci maddə qüvvəsində qalır.
Digər bir əlavə məhkəmə qaydasında istehsalına və yayımına xitam verilmiş mətbu nəşrin təsisçisinə məhkəmənin qərarı ilə müəyyən dövrdə digər mətbu nəşrin təsis edilməsinə qadağa qoyulması norması bizim tərəfimizdən təqdim olunmuşdur. Əlbəttə, bu əlavə müəyyən bir məntiqə söykənir. Əgər bir mətbu orqan ləğv olunubsa, onun yenidən yaradılmasında bir məntiq görmürük. Amma fikirlər səsləndi ki, belə olarsa, biz hər hansı bir peşə fəaliyyətinə dolayısı ilə qadağa qoymuş olarıq. Biz bu iradla razılaşdıq və həm “Kütləvi informasiya vasitələri haqqında” Qanundan, həm də “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanundan həmin normaları çıxarmışıq.
İnzibati Xətalar Məcəlləsində, bilirsiniz ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun qeydiyyatın məcburiliyi normasından irəli gələn sanksiyalar nəzərdə tutmuşduq. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda məcburi qeydiyyat məsələsi ilə bağlı ciddi müzakirələr oldu. Burada da millət vəkilləri belə bir fikir səsləndirdilər ki, məcburi qeydiyyat yolverilməzdir. Amma mən xatırladıram ki, bu, yolveriləndir. Avropa dövlətlərində də belə bir norma var. Amma qeydiyyat zamanı hər hansı bir sui-istifadəyə yol verilməməsi şərti irəli sürülür.
Bütövlükdə qeyd etmək istəyirəm ki, etdiyimiz əlavələr və dəyişikliklərin əksəriyyəti təklif etdiyimiz normaların tətbiqi zamanı yarana biləcək hər hansı problemlərin qarşısını almaq məqsədi güdür. Yəni təkliflər və iradların əksəriyyəti ondan ibarət olub ki, bu normalar tətbiq zamanı problem yarada bilər. Biz deputatların narahatlığını başa düşürük, bölüşürük, bunu biz öncə də demişdik və həmin fikirlərlə razılaşıb bu normaları çıxarmışıq. Ona görə də İnzibati Xətalar Məcəlləsində 36.1-ci maddə qalır, amma əlavə 299-cu maddə, yəni qeydiyyatdan keçmədən fəaliyyətə görə məsuliyyət norması layihədən çıxarılır.
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunla bağlı əlavələr və dəyişikliklər kifayət qədər çox idi. 1-ci maddədə hüquqi şəxsin dövlət qeydiyyatına alınması qaydasını əks etdirmişdik. Artıq bu barədə fikirlərimi söylədim. Həmin norma bütövlükdə çıxarılır. Adlarla bağlı qeyd etdik. “Kütləvi informasiya vasitələri haqqında” Qanunda olduğu kimi, 3.1-ci maddə qalır, çünki bu, qeyri-hökumət təşkilatlarının adlarını özündə ehtiva edir. Düşünürəm ki, həmkarlarım bunu dəstəkləyəcəklər. Hesab edirəm ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarının qeyri-hökumət təşkilatlarının adında əks olunması üçün onların yaxın qohumları və yaxud vərəsələrinin razılığı alınmalıdır. Qeyri-hökumət təşkilatlarının adlarında dövlət orqanlarının adlarından istifadə oluna bilməz. Praktikada belə hallar mövcuddur. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu sahədə sui-istifadələr də mövcuddur. Adların tənzimlənməsi məsələsi hər yerdə var və burada da nəzərə alınmalıdır.
Qeyri-hökumət təşkilatlarının rəmzləri ilə bağlı maddə, hesab edirəm ki, onların fəaliyyəti üçün faydalıdır. Bunun qalmasını təklif edirik. Qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı yeni bir norma tətbiq etmişik.
Vacib məsələlərdən biri 7-ci maddədə öz əksini tapıb. Təklif edirik ki, təsisçiləri əcnəbilər və ya xarici hüquqi şəxslər olan qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar. Belə bir təklifimiz var. Əminəm ki, millət vəkilləri tərəfindən dəstəklənəcək.
9-cu maddədə qeyri-hökumət təşkilatlarının təsisçiləri ilə bağlı təklifimiz olub. Biz, sadəcə, bunların yerini dəyişdirmişik, çünki qanunvericiliyin rəqəmlənməsi baxımından bu, daha düzgün olardı. Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qeyri-hökumət təşkilatının təsisçisi ola bilməzlər. Hesab edirəm, bu, tamamilə məntiqidir. Azərbaycanda qeyri-hökumət təşkilatı yaradan və bu fəaliyyətlə məşğul olan təşkilatın nizamnaməsinə uyğun olaraq burada ən azından daimi yaşamaq hüququ olmalıdır. Yəni müvəqqəti, bir neçə günlük Azərbaycana və yaxud istənilən başqa bir ölkəyə gəlib hansı fəaliyyətlə məşğul olmaq mümkündür? Əgər belə bir təsisat yaradılırsa, onun müəyyən məqsədləri və məramları olmalıdır. Təbii ki, müəyyən bir dövr ərzində burada yaşayıb həmin fəaliyyətlə məşğul olmaq lazımdır.
10.4-cü maddə, ictimai birliyin reyestri ilə bağlı komitə üzvlərinin də təklifləri olmuşdu. Bir sıra hallarda qeyri-hökumət təşkilatlarının üzvləri sonradan hər hansı məhkəmə mübahisələri yarandıqda təşkilatın onlarla heç bir əməkdaşlıq etmədiklərini bildirirlər. Bəzi hallarda məhkəmə mübahisələri zamanı sənədlərin təqdim olunmaması ilə bağlı iradlar bildirildi. Yəni məhz bu baxımdan biz təklif edirdik ki, qeyri-hökumət təşkilatlarının üzvlərinin reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılsın. Amma əslində, bu, geniş bir prosedur idi. Müvafiq icra hakimiyyəti orqanı da buna kifayət qədər hazır deyildi. Biz ümidvarıq ki, ictimai birliklər özləri üzvlərinin reyestrini aparacaqlar. Hesab edirəm ki, bu, vətəndaş cəmiyyətinin fəaliyyəti, həmin təşkilatın üzvləri üçün də vacibdir.
Fondlarla bağlı fərqli fikirlər oldu. Amma düşünürəm ki, fondun nizamnamə kapitalına malik olması məsələsi mübahisə yaratmır. Burada Azay müəllim də çıxış etmişdi. O, beynəlxalq praktikanı bizdən də yaxşı bilir. Komitədə də müzakirələr zamanı demişdi. Misal üçün, beynəlxalq praktikada 100 min avro, ABŞ dolları miqdarında nizamnamə kapitalı mövcuddur. Biz təklif etmişdik ki, nizamnamə kapitalı 50 min manat olsun. Amma düşünürük ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin indiki formalaşma mərhələsində bu məbləği azaltmaq da olar. Biz 10 min manat olmasını təklif edirik. Amma bir daha vurğulayıram ki, fond müəyyən bir nizamnamə kapitalına malik olmalıdır. Bu məbləğlə bağlı istənilən təklifi verə bilərsiniz.
Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyəti ilə bağlı biz fərqli bir prosedur təklif edirdik. Mən qanun layihəsini təqdim edərkən də qeyd etmişdim ki, bir çox ölkələrdə xarici hüquqi şəxslərin qeydiyyatının, fəaliyyətinin fərqli rejimi mövcuddur. Bu, çox ölkələrdə belədir. Biz təklif edirik ki, bu təşkilatlarla saziş bağlansın və xarici dövlətlərin qeyri-hökumət təşkilatları və yaxud onların filiallarının fəaliyyəti saziş əsasında həyata keçirilsin.
Bir sıra hallarda ictimaiyyətdə də narahatlıq doğuran məqamlardan biri də bəzən qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə yol verilməsidir. Belə hallar var. Yəqin, bilirsiniz, mətbuatda da bəzən belə faktlara rast gəlirik. Bir sıra qeyri-hökumət təşkilatları öz nizamnamələrində dövlətin və ya bələdiyyə orqanlarının funksiyalarına aid olan məsələləri qeyd edirlər. 13.3-cü maddə ilə buna qadağa qoyulur. Bu, yolverilməzdir, çünki vətəndaş cəmiyyəti öz fəaliyyətini qanun çərçivəsi ilə müəyyənləşdirir. Dövlət və bələdiyyə orqanlarının səlahiyyətlərinə müdaxilə, əlbəttə, yolverilməzdir.
Narahatlıq yaradan məsələ 29-cu maddədə qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının audit rəyi ilə birlikdə verilməsi idi. Cənab Sədr, hörmətli millət vəkilləri, bu məsələni biz çox ciddi müzakirə etdik. Bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri, komitə üzvləri də bunun maliyyə tutumlu olduğunu qeyd etdilər. Yəni audit rəyi müəyyən bir maliyyəyə söykənməlidir. Məqsəd burada ondan ibarət idi ki, bu məsələ peşəkar şəkildə tətbiq olunsun. Amma bu təşkilatların ayrıca bir maliyyə mənbəyinin olması diqqətimizə çatdırıldı. Müzakirələr nəticəsində belə qərara gəldik ki, maddə qalır, amma audit rəyi haqqında müddəa oradan çıxarılır. Qeyri-hökumət təşkilatlarının müəyyən dövr ərzində, 30 gün müddətində maliyyə hesabatı təqdim etməsi qeyd olunur. Təbii, belə hesabat verilmədiyi təqdirdə qeyri-hökumət təşkilatının qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıması norması da nəzərdə tutulmuşdur.
“Qrant haqqında” Qanunla bağlı bir müddəa olduğu kimi qalır. Dövlət büdcəsinin vəsaiti hesabına verilmiş qrantın təyinatı üzrə istifadə edilməsinə nəzarəti donor həyata keçirir. Təbiidir, əgər vəsait büdcədən verilibsə, buna nəzarət də həyata keçirilməlidir.
Təqdim etdiyimiz layihədə “Dövlət rüsumu haqqında” Qanuna bir əlavə, ümumiyyətlə, çıxarılır və keçid müddəaları ilə bağlı 6-cı bənddə çıxarılır. Beləliklə, layihədə 4 qanuna əlavələr və dəyişikliklər edilir. Məlumat üçün demək istəyirəm ki, “Dini etiqad azadlığı haqqında” Qanunla bağlı komitədə, burada təkliflər söylənilib, amma fərqli bir fikir yoxdur. Ona görə də biz “Dini etiqad azadlığı haqqında” Qanuna etdiyimiz əlavə və dəyişikliklərin olduğu kimi müzakirə edilməsinə və səsə qoyulmasına tərəfdarıq.
Bizim məqsədimiz vətəndaş cəmiyyətinin fəaliyyətinin daha dəqiq tənzimlənməsindən, onlara müəyyən dəstək verilməsindən ibarətdir. Sadəcə, Azərbaycan qanunlarına, Azərbaycan Konstitusiyasına uyğun fəaliyyət göstərmək lazımdır. Azərbaycan hakimiyyət orqanları ilə vətəndaş cəmiyyəti arasında mövcud olan bu sağlam münasibət, əməkdaşlıq bundan sonra daha da inkişaf edəcək. Vətəndaş cəmiyyəti öz fəaliyyəti ilə bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafına bir yardım göstərmiş olacaq. Əminəm ki, millət vəkilləri komitə tərəfindən təqdim olunmuş və təkmilləşdirilmiş variantı dəstəkləyəcəklər. Sizlərdən hər iki layihəyə – həm “Dini etiqad azadlığı haqqında” Qanuna, həm də digər qanunlara əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsinə səs verməyinizi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Çıxışlar keçən siyahı ilə gedəcək. Musa Quliyev buyursun.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dini etiqad azadlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş insan haqqıdır. Hər kəsin şəxsi işi, vicdan məsələsidir. Kimin hansı dinə, hansı təriqətə etiqad etməsi, yaxud ümumiyyətlə, heç bir dinə etiqad etməməsi yalnız onun özünə aid məsələdir və bu mənada din dövlətdən ayrıdır. Amma dini mərasimlər, ayinlər kütləvi şəkildə keçirilirsə, dini mərasimlər artıq ictimai forma və ictimai məzmun alırsa, dini mərasimlərə rəhbərlik edən şəxs yüzlərlə, bəzən minlərlə insana ideoloji, psixoloji, hətta lazım olanda siyasi təsir göstərmək imkanı əldə edirsə, belə halda, təbii ki, nə din dövlətdən, nə də dövlət dindən ayrı ola bilər. Belə halda dinin də, dindarların da problemi dövlət tərəfindən qanunlar ilə tənzimlənməlidir.
Hörmətli komitə sədri Əli Hüseynovun bir fikri ilə mən tam şərikəm ki, dövlət heç zaman dindən ayrı ola bilməz. Dövlətin daxilində dövlətdən ayrı heç bir fəaliyyət, heç bir hərəkət ola bilməz. Dinin inkişafı, onun yönəldilməsi və dini etiqad azadlıqlarının təmin olunması dövlət tərəfindən tənzimlənməlidir.
“Dini etiqad azadlığı haqqında” Qanuna təklif edilən əlavə və dəyişikliklər də günün tələbindən irəli gələn dəyişikliklərdir. Mən bu dəyişiklikləri tamamilə dəstəkləyirəm. Bu dəyişikliklərin qəbul olunmasına səs verəcəyəm. Bu dəyişikliklərin qəbul olunması ilk növbədə milli təhlükəsizlik məsələsidir. İctimai sabitliyin və asayişin qorunmasına yönəldilmiş bir məsələdir. İctimai asayişin pozulmasının qarşısının alınması baxımından əhəmiyyətlidir. Bölgədə ən sürətlə inkişaf edən dövlətin – Azərbaycanın uğurlarına sevinməyən qüvvələr vardır. Bu qüvvələr mümkün olan bütün vasitələrdən, o cümlədən dini amillərdən istifadə edərək Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Nardaran hadisələrini, Əbu-Bəkr məscidinə qumbara atılmasını, meşə qardaşlarının işini və sairlərini xatırlayaq. Baş verə biləcək bütün arzuedilməz hadisələrin qarşısının alınması baxımından məscidlərə dini mərasimləri həyata keçirmək üçün rəhbərlərin təyin edilməsi zamanı Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Məsələlər üzrə Dövlət Komitəsinin birgə fəaliyyət göstərməsi həm də məsuliyyətin bölüşdürülməsi baxımından əhəmiyyətlidir.
Dini ayin və mərasimlərin yalnız Azərbaycanda təhsil almış vətəndaşlar tərəfindən aparılması haqqında müddəanı da dəstəkləyirəm. Bu dəyişiklik ilk növbədə dini mərasimlərin Azərbaycanın hər yerində eyni qaydada, vahid sistem əsasında keçirilməsinə və gələcəkdə bu mərasimlərin Azərbaycan modelinin yaranmasına imkan verəcəkdir. Digər tərəfdən, bu dəyişiklik müxtəlif ölkələrin dini məktəblərinin, dini cərəyanların, təriqətlərin Azərbaycan dindarlarına ideoloji, əksər hallarda parçalayıcı təsirini aradan qaldıracaqdır. Bir də, dünyəvi dövlət olan Azərbaycanda dini mərasimləri həyata keçirmək üçün Ayətullah Xomeyni olmağa da ehtiyac yoxdur. Fikrimcə, Qurani-Kərimi bilən, mərasim, davranış və ədəb-ərkan normalarına riayət etməyi bacaran istənilən şəxs dini ayinləri idarə edə bilər.
“Kütləvi informasiya vasitələri haqqında” Qanuna edilən əlavə və dəyişiklikləri də dəstəkləyirəm. Hesab edirəm ki, bu dəyişikliklər zəruridir. Bu dəyişiklikləri hətta ilkin variantda da qəbul etmək olardı. Bu zaman Azərbaycanda söz azadlığına, mətbuatın inkişafına heç bir xələl gəlməyəcəkdi. Azərbaycan dövləti, Azərbaycan Prezidenti mətbuatın inkişafına daimi qayğı, diqqət göstərir. Azərbaycanda söz, mətbuat azadlığının, mətbuatın inkişafının qarşısını alan heç bir hüquqi və ya digər hədd, baryer yoxdur. Eyni zamanda, mətbuat-dövlət, mətbuat-cəmiyyət münasibətləri daim dəyişən, dinamikada olan və tənzimlənmə tələb edən bir məsələdir.
Amerikanın və bütün dünyanın tanınmış söz adamlarından biri olan Mark Tven hələ 120 il bundan öncə deyirdi: “Biz söz azadlığının qorunması, azad mətbuatın inkişaf etməsi üçün əldən gələn, imkan olan bütün vasitələrdən istifadə etdik, amma insanları azad sözün hücumundan qorumaq üçün bir effektli vasitə tapa bilmədik”. Mark Tvenin bu sözləri söylədiyi dövrdən keçən 120 il ərzində dünya təcrübəsinin qazandığı və öyrəndiyi bir şey var ki, mətbuat və insanlar, cəmiyyət arasındakı normal münasibətləri tənzimləmək üçün iki şərt əsasdır. Bunlardan biri cəmiyyətin mətbuata tolerant münasibətidir, digəri isə mətbuatın özünə qarşı məsuliyyətidir. Hesab edirəm ki, mətbuatın da məsuliyyətinin artırılması üçün bu qanuna əlavə və dəyişikliklərin edilməsi zəruridir.
“Qeyri-hökumət təşkilatları haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsini də dəstəkləyirəm. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, həm ötən, həm də indiki iclasda hörmətli Əli Hüseynovun və QHT-lər üzrə bizim böyük mütəxəssisimiz hörmətli millət vəkili Azay Quliyevin çıxışlarından sonra danışmağa böyük ehtiyac qalmır. Bu təklifləri səsə qoyub, qəbul etmək olar. Amma layihə ilə bağlı müxalifət mətbuatında, müxalifət düşərgəsindəki qeyri-adekvat narahatlığı mən başa düşə bilmirəm. Başa düşə bilmirəm ki, bu narahatlıq, doğrudan da, qeyri-hökumət təşkilatlarına səmimi dəstək münasibətidir, yoxsa tamamilə başqa bir ideoloji düşüncənin məhsuludur. Bu narahatlığın, mən hesab edirəm ki, bir əsası var. Qeyri-hökumət təşkilatlarının güclənməsini, milli QHT-lərin yaranmasını və onların dövlət tərəfindən dəstəklənməsini istəyən insanların ideoloji düşüncəsi belədir ki, əvvəlcə dövlətçilik, sonra demokratiya olmalıdır. Dövlət, əlbəttə, əsas olmalıdır, demokratiyanı da yaradan dövlətdir. Qeyri-hökumət təşkilatlarını da, siyasi partiyaları və kütləvi informasiya vasitələrini və digər azadlıqları yaradan əsas dövlətdir. Ona görə də biz birinci növbədə çalışmalıyıq ki, dövlətçilik öndə, qabaqda olsun.
Mən, ümumiyyətlə, qeyri-hökumət təşkilatlarına edilən bütün donor yardımlarının dövlət xətti ilə həyata keçirilməsinə tərəfdaram. Biz milli donor siyasətinin inkişafına şərait yaratmalıyıq. Keçən dəfə hörmətli Azay müəllim burada səsləndirdi və onun müsahibəsində də oxudum ki, qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən ayrılan vəsaitin miqdarı artırılmalıdır. 15 milyon lazımdırsa, 15 milyon artıraq, 20 milyon lazımdırsa, 20 milyon artıraq ki, Azərbaycandakı vətəndaş hərəkatının və qeyri-hökumət təşkilatlarının gözü xaricdəki əllərdən yığışsın. Heç kəs pulunu havayı vermir. Pulu verənin özünün müəyyən maraqları həmin pulun arxasında gizlənir və sonra bu maraqların dəstəklənməsini tələb edir.
Burada, məndən öncəki çıxışlarda da bir fikir səsləndi. Amerika Birləşmiş Ştatlarının 907-ci dəyişikliyi və Dağlıq Qarabağdakı separatçı rejimə yardım məsələsinə toxunuldu. Doğrudan da, demokratiya tərəfdarı olan Amerikanı dünyada demokratiyanın bayraqdarı hesab edirlər. Amma işğala məruz qalan, torpaqları zəbt olunan, insanları, vətəndaşları qaçqın düşən Azərbaycana qarşı 907-ci dəyişikliyi Amerika aradan qaldırmır və heç bir əsas da göstərmir. Sadəcə deyir ki, mən Amerikayam, götürmürəm, vəssalam. Digər tərəfdən, Azərbaycanın ərazi bütövlüyünü tanıyan Amerika Azərbaycandakı separatçı, terrorçu bir rejimə maliyyə yardımı göstərir, bunu da başa düşmək olmur. Burada hansı demokratiyadan, hansı hüquqdan danışmaq olar? Təbii ki, hər bir dövlətin öz maraqları vardır və Amerika dövləti də öz maraqlarından çıxış edir. Azərbaycan da müstəqil dövlətdir, öz siyasətini müstəqil aparır və dəfələrlə də bütün dünyaya sübut edib ki, Azərbaycan yalnız Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşlarının maraqlarından çıxış edə bilər. Azərbaycanın qanunlarını Azərbaycanın millət vəkilləri qəbul etməlidirlər. Avropa Şurası da, Venesiya Komissiyası da sağ olsun. Donorlarımız da özümüzdən olmalıdır. Ümumiyyətlə, insana başqa adamın qanı vurularkən gərək həmin qanın qrupu uyğun gəlsin. Azərbaycana dünyanın başqa ölkəsinin qanını vuranda onun qanı da dəyişəcəkdir. Gərək qanımız da, dinimiz də, dövlətimiz də milli olsun. Sağ olun.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Müzakirə olunan məsələlərdən birincisi barədə danışmaq istəyirəm. Bu, “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklərdir. Buradakı dəyişikliklər unikal dəyişikliklərdir. İstər qanunvericiliyin ruhuna, Konstitusiyaya, istər sivilizasiyalı cəmiyyətlərdə qəbul olunmuş ümumi hüquqi prinsiplərə, istərsə də dini etiqad azadlığına birbaşa zidd olan, heç bir məntiqə malik olmayan düzəlişlərdir. Mən konkret olaraq 21-ci maddəni diqqətinizə çatdırmaq istəyirəm. “İslam dini ayin və mərasimlərinin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikası vətəndaşları tərəfindən həyata keçirilə bilər”. Bunu normal Azərbaycan türkcəsinə tərcümə etsək, o demək olur ki, xarici ölkələrdə dini təhsil almış şəxslər Azərbaycanda islam dini ayin və mərasimlərini yerinə yetirə bilməzlər. Guya bu məhdudiyyəti bir balaca pərdələmək üçün belə bir qəribə əndərəbadi cümlə qurulmuşdur. Təhsil ocaqlarının coğrafiyasına görə ayrı-seçkilik qoyan bir müddəadır.
Məsələn, biz xatırlayırıq ki, 1918–1920-ci illərdə bir neçə min azərbaycanlı müxtəlif ixtisaslar üzrə təhsil almaq üçün xaricə göndərilmişdi. Onların hamısını güllələdilər. XIX–XX əsrlərdə çar Rusiyası Azərbaycanı müstəmləkə altına alanda birinci növbədə sürgün, edam, təqib etdiyi müsəlman ölkələrində təhsil almış ruhani təbəqəsi oldu. Yəni yüksək ixtisasa malik, yüksək təhsil almış, savadlı ruhanilər olmadan heç bir cəmiyyət burada Musa müəllimin əleyhinə çıxdığı xarici təsirlərə qarşı mübarizə apara bilməz. Niyə bizim bir sıra savadlı, “rusdilli” adlanan təbəqənin içərisində vəhhabilik geniş şəkildə yayılmışdır? Çünki vəhhabi missionerlərinin qarşısına çıxmağa savadlı, Quranı, İslamı, ilahiyyatı, şəriəti bilən adamlarımız yoxdur. İndi burada Musa müəllimin dediyi kimi, cəmiyyətimiz üçün mühüm bir sahəni, Qurandan yalnız bir neçə ayəni, ölü basdırmağı və yasin oxumağı bilən ruhanilərin öhdəsinə buraxmaq istəyirik? Guya Azərbaycan cəmiyyətini gələcəkdə “onun təhlükəsindən” qorumuş oluruq? Bu, ciddi bir məsələdir və buna diqqət yetirmək lazımdır. Belə bir ayrı-seçkiliyin qoyulması birmənalı şəkildə bütün hüquqlara, Konstitusiyanın verdiyi bir sıra hüquqlara ziddir. Təkrar edirəm ki, mütləq aradan götürülməlidir.
Başqa bir məsələ. Bizdə artıq dövlət deputat təyin edəndə, əvvəl-axır mollanı da təyin etməli idi. Dövlətin molla təyin etməyə başlaması isə çox mühüm bir məsələdən xəbər verir. Bunun arxası da olacaq, məntiqi var. Əvvəllər də bilirsiniz ki, 8-ci maddənin birinci abzasına əsasən axundların, qazıların İslam Ruhani İdarəsi tərəfindən təqdimatı verilirdi. Burada olan dəyişiklik dövlət idarəsinin molla təyinatında iştirakıdır? Bu nədir? Dünyanın hansı yerində belə bir dəyişikliklər gündəmə gətirilmişdir?
Burada deyildi ki, guya məsuliyyət bölünməlidir. Hidayət Orucov tövsiyə, təqdimat verməsə, artıq hansısa bir icmanın imamını seçmək, hansısa bir məscidə axund, yaxud ruhani təyin etmək mümkün deyil. Bu nə deməkdir? Bu, dini etiqad azadlığının fəlsəfəsinə uyğundur, ya uyğun deyil? Bunun mənası, məqsədi nədir? İndi mollalardan da pul yığmaq istəyirlər? Mollanı da rüşvətlə təyin etmək istəyirlər? Bunun başqa bir mənası da yoxdur. Bunun əks təsiri olacaqdır, çünki fəsadları vardır. Təyinatlı mollalardan başqa formal, dini liderlər yaranacaqlar. Bununla əhali içərisində nüfuza malik olan, sözünə qulaq asılan qeyri-formal ruhani təbəqəsi yaradacaqsınız. Bunun mütləq sonu belədir. Bunu irəli sürən şəxslər, heç olmasa, gəlib mütəxəssislərlə danışıb məsləhətləşməli idilər.
Din, ilahiyyat, mənəviyyat məsələsi sadə bir məsələ deyil. Cəmi bir neçə ay bundan əvvəl yenə Konstitusiyaya zidd olan bir dəyişiklik gəlmişdi ki, yalnız hüquqi şəxs kimi qeydə alınandan sonra kollektiv ibadət və ayinlərdə iştirak etmək olar. Dini icma hüquqi şəxs kimi qeydə alınır. İndi də bu dəyişiklik gəlir. Xaos hökm sürməkdədir. Bunlar mütəxəssislərlə, alimlərlə, din xadimləri ilə, hüquqşünaslarla, hüquqi müdafiə təşkilatları ilə kompleks halında müzakirə olunmalıdır. Bu, sadəcə, müzakirə etdiyimiz kanalizasiyaya, damazlıq heyvanlara aid qanun deyil ki, hər addımda kimin ağlına nə gəlirsə, desin. Bunun nəticələrini məsuliyyətli şəxslər nəzərə almalıdırlar.
Mən “Kütləvi informasiya vasitələri haqqında” Qanunun üzərinə gəlmək istəyirəm. Bu qanun layihəsinin iki variantı bizə paylanıb. Hörmətli Əli Hüseynov, belə başa düşürəm, yalnız bir düzəlişin – adlarla bağlı düzəlişin saxlanılmasını dedi. Amma keçmiş layihədə, həm də 7 gün ərzində uçota alınmaq norması müəyyən edilirdi. Bu məsələ stenoqramda qeyd olunsun. Bizə əvvəl paylanmış layihədə 14-cü maddəyə də əlavə edilmişdi. Mətbu nəşrin uçota alınma məsələsinə çox qəribə bir düzəliş verilmişdi. Bir il ərzində haqqında 3 dəfə məsuliyyət tədbiri görülmüş mətbu nəşrin məhkəmə qaydasında dayandırılması barədə iddia qaldırıla bilərdi. Amma bu müddət iki ilə qaldırılır. Mən bilmirəm, bu, qəbul olunub, yaxud qəbul olunmayıb? Həmin düzəliş saxlanmırsa, stenoqramda qeyd olunsun ki, qəbul olunmayıb.
Nəhayət, mən “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna keçirəm. Mətbuatda belə bir versiya səslənmişdi ki, bu nə isə siyasi bir oyuna oxşayır. Mən çox təəssüf edirəm ki, bizim çox hörmətli millət vəkillərimiz, bütöv bir komitə belə bir teatrda, sadəcə, aktyorlar kimi iştirak etməyə məcbur edilirlər. Mən Əli müəllimin hüquqi savadına da çox hörmət edirəm, gözəl təqdimatları da olub. Hamımız görürük ki, təqdim olunmuş bütün qanun layihələri geri qaytarılmalıdır. Elə isə Azərbaycanı bütün dünyada rüsvay etmək kimə lazım idi? Burada deyilir ki, bəzi müxalifət mətbuat orqanları, siyasi partiyalar... Avropa Şurasının, ATƏT-in, çox mühüm mötəbər beynəlxalq hüquq təşkilatlarının heç bu vaxta qədər qanun təşəbbüsünə uyğun olmayan təklifləri, tövsiyələri gəldi, siyasi rəhbərliyə müraciət olundu? Növbəti dəfə Azərbaycan dilində çox bədheybət şəkildə zühur etdi, əyan oldu. Nəyə lazım idi bu? Bu cür məsələlərin də hər halda cavabı, haqq-hesabı verilməlidir.
İndi mən bunların hamısına bir yerdə yekun vermək istəyirəm. Bunların konsepsiyasına baxmaq lazımdır. İnzibati Xətalar Məcəlləsini də qeyd etsək, 5 qanuna eyni vaxtda düzəliş gəlib. Hamısı da məhdudlaşdırıcı xarakter daşıyır. Faktik olaraq nə baş verir? Azərbaycanda siyasi rejimin mahiyyəti, onun psevdodemokratik formasının ümumiləşdirilməsi gedir. Bu cür düzəlişlər yenə gələcəkdir. Bizim fədakar qeyri-hökumət təşkilatlarının, doğrudan, çox ciddi mübarizəsinin bir nəticəsi var. Mən onları təbrik edirəm. Vətəndaş cəmiyyətinin də dəstək və müdafiə komitəsinin üzvlərini təbrik edirəm. Amma bu, yenə gələcəkdir. Payızda olmasa da, növbəti ildə gələcək. Çünki eyni vaxtda mürtəce məzmunlu psevdodemokratiya ilə mütərəqqi forma uzun müddət bir yerdə yaşaya bilməz. Ya forma uyğunlaşmalıdır, ya da məzmun formanı əvəz etməlidir.
Konseptual baxımdan burada bəzi səmimi çıxışlar da səsləndi. Məsələn, Musa müəllim çox səmimi bir çıxış etdi, dedi ki, bu demokratiyanı dövlət yaradır. Ona görə birinci növbədə öndə dövlətçilik olmalıdır, xoş görünən sözlərdir. Amma mürtəce və irticaçı, antidemokratik, azadlığa zidd olan, azadlığı boğan əhvali-ruhiyyənin, ovqatın, fəlsəfənin və ideyanın əsasında bu cür yanaşmalar mövcuddur. Bu dəyişikliklərin də hamısına həmin yanaşma, həmin fəlsəfə, həmin ruh hakim idi. Ona görə də hesab edirəm ki, Azərbaycan cəmiyyəti heç də bu düzəlişlərin – hörmətli Əli Hüseynovun düzəlişlərinin geri çəkilməsi ilə başını yastığa qoymamalıdır. Azərbaycanda demokratiya ilə antidemokratiya arasında ciddi bir mübarizə gedir. Azadlıq və azadlığın boğulması arasında ciddi bir mübarizə gedir. Bizim hörmətli siyasətçilərdən birinin dediyi kimi, “antidemokratik cəbhənin qarşısına demokratik qoyulmalıdır”. Yaşasın Xalq Cəbhəsi.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn, çox ağıllı çıxış etdin, amma bir sirrin üstünü açdın da. Dedin ki, deputatları dövlət təyin edib. Sən nə bildin səni dövlət təyin edib? Zahid Oruc.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Cənab Sədr, mən ötən iclasda, bu məsələnin ilkin müzakirəsi dövründə bəlli səbəblərdən, yəni Böyük Britaniyada səfərdə olduğuma görə iştirak edə bilməmişdim. Mediadan bu məsələ ilə bağlı parlamentdə və ondan kənarda aparılan müzakirələri izləmək imkanım oldu. Buna artan xarici maraqları, bu kontekstdə dəyərləndirmələri də sonra izlədim. Açığını deyim, parlamentin bu sessiyada sonuncu iclası olduğundan içərimdən gələn çox ciddi fikirlər var ki, onları çox rahatlıqla söyləyəcəyəm, həm də hörmətli Pənah bəy mənə bu imkanları verib.
Birinci, mən Azərbaycanın digər qanunvericilik aktlarına da eyni marağı, eyni diqqəti Azərbaycanın bütün səfirliklərindən, beynəlxalq korpusdan, Avropa Şurasından gözləyirəm. Çox maraqlı bir məsələdir. Mənim xatirimdədir, Xocalı ilə bağlı Yeni Azərbaycan Partiyasının keçirdiyi tədbirlərdə onlarla başqa dövlət tədbirlərində bu səfirliyin üçüncü, dördüncü ranqlı nümayəndəsini belə görməmişdik. Mən bu gün diplomatik fəaliyyət müddəti başa çatmış olsa da, xanım Enn Dersi burada görəndə şad oldum və qətiyyən bundan təəssüflənmirəm. Amma onun parlamentin digər belə işlərində iştirakını arzulayıram və görmək istəyirəm. Mənzil Məcəlləsi də, dediyim kimi, aktual məsələdir, başqa məsələlər də həmçinin.
İkinci, sanki Azərbaycan üzərində zəif bənd oyunu qurulubdur. Ən müxtəlif məsələləri beynəlxalq aləmə çatdırmaqda xeyli problemlərimiz var. Amma beynəlxalq maraqları cəlb edən elə məsələ var ki, hələ biz onu qələm götürüb yazmağa başlayanda artıq bu şəbəkə hərəkətə gəlmiş olur. Bununla Azərbaycanın üzərində proseslər aparılır və bunun özü də Azərbaycanın daxili qüvvələrinin əli ilə son dərəcə vətənpərvər notlarla edilir. Siz özünüz gördünüz ki, hörmətli Pənah bəy Azərbaycan parlamentarilərini bir neçə ifadəsində aşağılayaraq, əslində, bunu Azərbaycan amalları, Azərbaycan azadlıqları ilə bağlayaraq mahiyyət etibarilə daha çox beynəlxalq maraqlara xidmət edən fikirlər söylədi. Mən sübut edəcəyəm ki, bu belədir. Mən istəməzdim, parlamentin bu iclasında yenə də əsəblər və emosiyalar o həddə gəlib çatsın, kimsə desin, mən təyin olunmamışam və kimsə desin ki, mən təyin olunmuşam. Bu cür yanaşma, o cümlədən “qurulmuş bir ssenaridə kimlərsə aktyor oldu” kimi yanaşma olmur. Demokratiyanın ən mühüm şərti başqasına hörmət etməkdir. Mənim Pənah bəylə başqa məsələlərdə polemikamız olur. Bəzən onun özünə kimsə haqsızlıq edirsə, biz deyirik yox, bu olmaz. Amma onun özü bu şəkildə parlamentin üzvlərini aşağıladı. Mən bunu qəbul etmirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Üçüncü, prosedurla bağlı məsələyə toxunmaq istəyirəm, Ziyafət müəllim. Əvvəla, qanun necə qəbul olunur? İstənilən bir qanun layihəsi bir neçə dəfə müzakirə olunsa da, beynin ümumi məhsulu kimi meydana çıxır. Polemikalar aparılır, cəmiyyətin rəyləri alınır, beynəlxalq praktika ilə tanış olunur və sair. Amma bizdə necədir? Bizdə bir sənəd ortalığa çıxdısa, onunla bağlı maraqlı dairələr varsa, bu ətrafda müzakirələr gedirsə, hansı dəyişikliklər baş verir? Deyirlər: “gördünüz, bu bizim qələbəmizdir”. Özü də bu qələbəni də, bilirsiniz ki, xeyli epitetlərlə yükləyirlər. Cəbhə düşüncəsi ilə, demokratik düşüncə ilə mürtəce düşüncə arasında, sən demə, şərlə xeyir arasında mübarizə imiş. Bu mövqedən qiymət verilir. Əgər dəyişdirilirsə, deyirlər: “baxın, görün, ictimai rəyi hesaba almırlar, bizim rəylərimiz bunlar üçün əhəmiyyətsizdir” və sair. Bu hakimiyyət və onun keşiyində dayanan insanlar, parlamentarilər nə etsinlər?
Hörmətli Əli müəllimin demokratik hüququdur, peşəkarlığıdır ki, bu çevrədə mövcud olan fikirləri sonrakı dönəmdə nəzərə alsın. Amma başabəla Mənzil Məcəlləsində də nəzərə alınıb. Mənzil Məcəlləsində nəzərə alınanda demirdilər ki, bu bizim qələbəmizdir, amma həmin məsələdə qələbə kimi dəyərləndirmələr var? Son raund növbəti qrant layihələri üçün bir layihəyə çevrildi. Əslində, dava da bunun üzərində idi. Baxın, Azərbaycanda mürtəce qanun qəbul olunur deyə, növbəti layihələr hazırlandı. Ölmüş nöqtələr, qurumlar hərəkətə gəldilər. Hətta bunu qanunvericiliyə bağlamaq istəyirlər ki, guya siz nədən bunları diriltdiniz, onsuz da bunların çoxu dövriyyədən çıxmışdır. Mən elə hesab etmirəm. Məram nədən ibarət idi? Məram birdir, QHT sektoru normal qanun əsasında fəaliyyət göstərsin, maliyyə xərcləri şəffaf olsun, bunlar da Azərbaycanın donorlarından asılı olsunlar. Xarici qurumlar da Azərbaycan qanunları çərçivəsində fəaliyyət aparsınlar.
Mən çıxışımın əvvəlində Britaniya səfərimizə toxundum. Həmkarım hörmətli İlyas İsmayılov da, dövlət qurumlarının təmsilçiləri də həmin səfərdə iştirak edirdilər. Biz terrora qarşı mübarizədə Britaniya təcrübəsini dəyərləndirdik. Sonra, müsəlman icmasının nümayəndələri ilə də görüşlərimiz oldu. Sizi inandırıram ki, onların bütün qurumlarla çox sıx əməkdaşlığı və Britaniya qanunları çərçivəsində fəaliyyəti təmin olunubdur. Nədən Azərbaycanda bunun üzərinə dərhal süngü ilə çıxılır? Mən bunun bir neçə səbəbini sizə deyəcəyəm. Bu sferada fəaliyyət aparan qurumların hər birinə hörmətimə rəğmən deməliyəm. QHT sektoru partiyaların maliyyələşdirilməsində ən mühüm bir həlqədir, mühüm bir qoldur. Niyə? Çünki partiyalara birbaşa yardım qanunlarla qadağan olunur. Amma QHT ən yaxşı dirsəkli qoldur.
İkinci, QHT sektoru 1980-ci illərdən sonra inkişaf edib. Onlardan Azərbaycan maraqları çərçivəsində fəaliyyət aparanlara hörmətimə rəğmən deyirəm. 1980-ci illərdən sonra gördülər ki, bir ölkənin içərisində hərbi cəhətdən oturuşmaq çox təhlükəlidir, QHT sektoru bu vasitədə ən mühüm yoldur. Açıq cəmiyyət institutlarına baxaq. Hamısı Federal Kəşfiyyat Bürosunun, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq nümayəndələridirlər. Bir-bir saya bilərəm. 2005-ci ilə qədər onların nümayəndələri bu sferaya bilavasitə rəhbərlik edirdilər. Çünki 1940-cı ildə Ruzvelt tərəfindən yaradılandan sonra gördülər ki, ideoloji müharibədə qeyri-hökumət təşkilatlarına çox yaxşı imkanlar verirlər. Sonra bunu itirdilər. Nə demək istəyirəm? Əlbəttə, dövlətin gücü olmalıdır ki, QHT-lərdən biri öz maraqlarını irəli sürmək, bunu bu cür vasitələrlə həyata keçirmək istəyərsə, onun qabağında dayana bilsin.
Mən bu gün Amerikanın adını ikinci dəfə çəkmək istəyirəm. Bu parlamentdə Qarabağa göndərilən yardımlarla Azərbaycan dövlətinin bir əlaqəsini istəməyən varmı? Mən çox istəyirəm, bu yardımlar sazişlə tanınsın və göstərilsin ki, bu yardım haraya göndərilir? Bu qanun, mənə elə gəlir ki, belə bir imkanı verir, amma Amerikanın da qabağını almır. QHT qurumları, humanitar, ictimai xarakterli qurumlar da həmin yardımların qarşısını almır. Bu mənada onun qarşısına hansısa başqa dəlillə çıxmaq mümkün deyil.
Hörmətli Ziyafət müəllim, Azərbaycanı sanki ofşor bir zonaya çevirmək, çirkli maliyyələri gətirib burada yumaq, onu da QHT çevrəsində həyata keçirmək istəkləri həddən artıq çoxdur. Pulu keçmişdə xalq diplomatiyası layihələrinə xərcləyirdilər, indi isə başqa profilli qurumlara xərcləyirlər. Azərbaycan marağından çıxış edib bu müddəalara etirazını bildirənlərə hörmətim var. Amma bu məsələdə səfirliklərdən birbaşa təlimatlar alaraq hərəkət edənlərə nəinki hörmətim yoxdur, mən onları pisləyirəm. Onlar Azərbaycanda az qala paralel hökumət strukturları kimi fəaliyyət aparmaqdadırlar. Sanki biri məhkəmədir, biri prokurordur, yekə-yekə siyahıları var və bunlar qərarlar verirlər və sanki dövlət bunların əlləri ilə idarə olunmalıdır. Belə olmur.
Açığını deyirəm ki, bu qanun layihəsinin köhnə variantında bəzi maddələrə mənim də fərqli münasibətim var idi. İndiki müddəalar tamamilə normaldır, bu sferada münasibətləri, dövlət-vətəndaş münasibətlərini normal tənzimləməyə imkan verir. Deyirlər ki, dövlətin QHT sektoruna münasibətidir və ya hakimiyyət öz xarakterini bu qanunda göstərir. Xarakterini Azay müəllimin rəhbərlik etdiyi qurumun yaradılmasında, sonrakı dönəmdə maliyyə yardımlarında və bu sferanın ayağa qalxmasında göstərir. Nə əcəb bunu dəyərləndirməmisiniz, nə əcəb bu barədə parlamentdə xoş söz söyləməmisiniz? Müxalifətçilik hakimiyyətin yaxşı addımlarını tribunadan ifadə etməkdir. Mən bunu belə görürəm. Ona görə düşünürəm ki, bu sahədə atılan addımlar Azərbaycanda QHT-lərin şəffaf fəaliyyətinə imkan verəcəkdir. Onların bir çoxu kriminal struktur kimi gizli fəaliyyət göstərirlər. Bu sferada normal tənzimləmə siyasi sistemə də təsir edəcəkdir. Çünki partiyalar QHT-ləri forposta çeviriblər, yəni onları ön cəbhəyə çıxarıblar. İndi QHT-lərin arxasında gizlənməyə ehtiyac yoxdur. Yəni onlar da çıxsınlar qabağa, öz sözlərini normal, başqa vasitə ilə desinlər. QHT-lər də normal fəaliyyət aparmış olsunlar. Bütövlükdə mən bu qanun layihəsinin təkmilləşdirilmiş variantını məqbul hesab edirəm və ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Zahid müəllim. Fəzail İbrahimli.
F. İbrahimli. Çox sağ olun, Ziyafət müəllim. Mən çıxışıma başlamazdan əvvəl bir fikrimi demək istəyirəm. Həmkarımız Pənah bəy çıxışında “aktyor” sözünü işlətdi. Mən 9 illik fəaliyyətim dövründə Milli Məclisdə heç bir aktyorluq görməmişəm. Azərbaycan cəmiyyətində aktyorlar yaxşı tanınır, komik və dramatik rollarda oynayanlar əla bilinir. Ən pisi isə tapşırılan komik rolları ifa etmək əvəzinə dramatik obrazlara girişməkdir. Bir-birimizə hörmətlə yanaşmalıyıq. Mən ona görə millət vəkili, professor olmamışam ki, hansısa bir ünvanın qurbanı olum.
İkinci, təkliflər paketi Əli Hüseynov tərəfindən kifayət qədər diqqətlə əsaslandırıldı. Keçən müzakirədən bu müzakirəyə keçid dövründə qanun layihələri kifayət qədər təkmilləşdirilib. Mənim bu məsələ ilə bağlı gəldiyim qənaət aşağıdakılardır.
Birinci, dini etiqad azadlığı ilə bağlı fikirlərimi demək istəyirəm. Bilirsiniz, din insanların ən həssas nöqtəsidir. Azərbaycanın geosiyasi vəziyyəti, böyük dövlətlərin Azərbaycana marağı, bu maraqlar altında gizlənmiş məkrli niyyətlər və həmin niyyətlərin reallaşdırılmasında ən incə nöqtələrdən biri dindir. Azərbaycanın bir həqiqəti də budur ki, dilinə, dininə qarşı kifayət qədər hücumlar var. Azərbaycanın müstəqilliyinə yad gözlər dikilib. 70 il sovet hökuməti Azərbaycan dövlətini dinsiz etmək istədi. Şüar “din xalq üçün tiryəkdir” dedi, kimin evində papaq varsa, sovet hakimiyyətinin düşməni elan olunurdu. Allahsızlar Cəmiyyətinin vəsiqəsi insanların ciblərinə qoyuldu. Kənd soveti və kolxoz sədrlərinin həyat yoldaşları küçələrdə qaval vura-vura məscidə gəlib orada çadranı açmağa məcbur edildilər. Sevil obrazı yarandı. Ancaq insanları Allahsız etmək mümkün olmadı. Bu qanundakı dəyişikliklərin əsas mahiyyəti və fəlsəfəsi dinin saflığını qorumaqdır. Mən belə başa düşürəm.
Mən cənub zonasındanam. 18 illik müstəqillik dövründə hər bir kənddə məscid tikilib, amma həmin məscidlərə gedən yollar təmir olunmayıb. Sual olunur. Niyə məscidlər? Niyə körpülər salınmır, niyə məktəblər tikilmir? Niyə məhz məscidlər? Bunun arxasında gizli fikirlər durur. Məni düz başa düşün. Məscidlərin əleyhinə deyiləm. Amma həmin məscidlərin yanında da bir məktəb tikilsə, bu münasibətin, sevginin mahiyyəti aydın olar. Körpüdə təbliğat aparmaq mümkün deyil. Təbliğat yerləridir bunlar. Ona görə də biz bu məsələlərdə kifayət qədər həssas olmalıyıq. Qeyd etdiyim kimi, ən zəif nöqtədir. Bu nöqtədə biz həssaslıq göstərməliyik. İnsanların Allaha, dinə inamı onların əməllərində görünür, ruhlarında ifadə olunur. Buna görə də həmin məsələnin dövlətçiliklə bağlı olduğunu nəzərə alırıq. Heç bir dini məsuliyyəti yoxdur, heç kimə namaz qılmaq, oruc tutmaq, saqqal uzatmaq qadağan olunmur. Ən pisi isə odur ki, sinəsinə qədər uzanmış saqqalından, poetik dildə desək, 3 tel ayırır, oturur məsciddə, İslamın, dövlətçiliyin əleyhinə təbliğat aparır. Bax, buna, əqidə dönümünə qarşıyıq.
İkinci, “Qeyri-hökumət təşkilatları haqqında” Qanunla bağlı. Məsələlərin mahiyyəti belə qoyulur ki, sanki bu dəyişikliklər qeyri-hökumət təşkilatlarına qarşıdır, bunların fəaliyyətini azaltmağa yönəlib. Məsələnin fəlsəfəsinə diqqət yetirək. Məgər bütün qeyri-hökumət təşkilatlarının fəaliyyəti eynidirmi? Biz bu fəaliyyətin iki qütbdə cəmləşdiyini görürük. Azərbaycan dövlətinin mənafeyini müdafiə edən, Azərbaycanın problemlərini dünyaya çatdıran, böyük millət, dövlət təəssübkeşliyi ilə çıxış edən, az məvacib alaraq bütün həyatını buna sərf edən, bir tikə çörək qazanan və çox zəif görünən qeyri-hökumət təşkilatları. Digər qütbdə isə müxtəlif dövlətlərin maliyyə yardımı ilə Azərbaycandan ancaq mənfi informasiyalar istəyən, bu informasiyaların müqabilində kifayət qədər varlanan, dövləti, hökuməti, heç bir qanunu saymayan, qeydiyyatdan keçməyən, Dağlıq Qarabağa, separatçı qüvvələrə yardım göstərən qeyri-hökumət təşkilatları dayanır. Bu qanuna əlavə edilən maddə birinci qütbü ikinci qütbün əlindən alır, onları dominantlıq hüququndan məhrum edir.
Bu gün Azərbaycan cəmiyyətində hansı qeyri-hökumət təşkilatı var? Mənim məlumatıma görə, Azərbaycanda 2005 qeyri-hökumət təşkilatı var. Ancaq bunların hansının adı məlumdur? Genetik elementlərinə görə, antiazərbaycan olanlar, xaricdən maliyyələşdirilən və Azərbaycanın problemlərini çox böyük, maraqlı bir tapıntı kimi dünyaya ötürənlər, Azərbaycan haqqında mənfi rəy formalaşdıranlar. Əgər biz dövləti, milləti seviriksə, millətin, dövlətin azadlığına tərəfdarıqsa, birinciləri ikincilərin əlindən almalıyıq. Birincilər üçün heç bir məhdudiyyət yoxdur. Ona görə də seçimimiz belə olmalıdır. Hansı qütbdə dayananlara səs verməliyik? Birinci qütbdə dayananlara səs verib bu qanunu qəbul ediriksə, bu dövlətə, millətə xeyirli bir iş görmüş olarıq.
İctimaiyyətdə ikinci bir rəy də yaratmaq istəyirdilər. Guya Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda demokratik prinsiplərdən imtina edilir. Hansı demokratik prinsiplərdən? 18 il ərzində Azərbaycanın haqq səsi eşidilməyən demokratik prinsiplərdən? Müsəlman dünyasında terrorist axtaran prinsiplər demokratik prinsipdir? Dağlıq Qarabağ separatçı rejiminə yardım göstərən demokratik prinsip? Azərbaycan işğal olunub, 907-ci maddənin təsiri isə aradan qaldırılmır. Budur demokratik prinsip? Hələ 100 il bundan əvvəl, 1913-cü ilin fevral ayında “İqbal” qəzetində Əhməd bəy Ağayev yazırdı: “Hamımızın ehtiyac duyduğu Avropa demokratiyası və mədəniyyəti humanist duyğular, insanlıq, şəxsiyyət... Balkan vəhşiliyindən sonra məlum oldu ki, bu, yalnız Avropa fabriklərinin İran bazarını dolduran üzü bəzək, içi çürük mallarından başqa bir şey deyilmiş”. Xocalı soyqırımını tanımayan ölkələr bizdən hansı demokratik prinsipləri tələb edə bilərlər? Biz bu tərəfdə durmalıyıq. Dövlətin, millətin təəssübkeşi kimi çıxış edəndə, bizə də qiymət verilər və hiss olunar, yoxsa ayrı-ayrı qeyri-hökumət təşkilatları vasitəsilə zəif, qeyri-obyektiv informasiyaların ötürülməsi ilə?
Sanki müsəlman dünyasında terrorist ovuna çıxılıb. Həmin yazıda Əhməd bəy deyirdi: “Avropanın savadlı adamları, insanları, müsəlmanları vəhşilik etməyə vadar edən təbliğat aparırsa, bir az vicdanlı olsalar İslam və müsəlmanları deyil, onları qətlə yetirənləri vəhşi adlandırmaq olar”. Məgər dünyanın gözü qabağında baş verən Xocalı soyqırımını bilmirlər kim törədib? Bunu qəbul etmirlər. Bir üzv kimi mən Avropa Şurasının iclaslarında iştirak edirəm. İşğal olunmuş Azərbaycan ilə işğal edən Ermənistana eyni müstəvidə baxılması... Bizə heç kim irad tuta bilməz ki, biz demokratik prinsiplərdən uzaqlaşırıq.
Nəhayət, üçüncü məqam “Kütləvi informasiya vasitələri haqqında” Qanuna edilən əlavələr və dəyişikliklərlə bağlıdır. Mən 9 ildir, burada jurnalistlərlə yaşayıram. Kirayədə yaşayırlar, vicdanlı, namuslu insanlardırlar. Onlar heç kimin ianəsi ilə səhv yazı yazmırlar. Mən bir epizodu deyim. Bir qəzetdə yazı çıxmışdı və mənə zəng olundu ki, “Sən bu qəzetin redaksiya heyətinin üzvüsən. Necə rəva bilmisən ki, belə yazı gedib?” Baş redaktorla danışdım. Məlum olur ki, qəzet 3–4 ildir, mənim adımı redaksiya heyətinə yazıb. Soruşuram: niyə belə etdin? Deyir ki, sənin imicin yaxşıdır, istəyirdim, qəzet satılsın, sən obyektiv adam kimi tanınırsan. Deyirəm: məndən niyə soruşmadın? Deyir: Sizə hörmət etmişəm, daha Sizdən niyə soruşmalıyam? Mən belə qəzetlərə qarşıyam. Səmimi, doğru, vicdanlı yazan jurnalistlər Azərbaycanın demokratik imicinə kifayət qədər kömək edirlər. Mənim mətbuat haqqında mənfi söz deməyə mənəvi haqqım yoxdur, çünki 9 ildə bir dəfə də olsun mənim haqqımda mənfi yazı getməyib. Əgər bu gün saf, təmiz, vicdanlı, peşəsini sevən, Azərbaycan cəmiyyətinə yararlı olan jurnalistləri qoruyub, reket jurnalistlərdən qurtarırıqsa, qanunun elə böyüklüyü, gözəlliyi, fəlsəfəsi də ondan ibarətdir.
Bütövlükdə bu qanun layihələrindəki dəyişikliklər Azərbaycan dövlətinə xidmət edir. Digər tərəfin qabağına sipər çəkir. Əgər səs verib Azərbaycan dövlətçiliyi naminə bu təkliflər paketini qəbul ediriksə, müstəqilliyimizə, dövlətimizə səs veririk. Əks təqdirdə əks tərəfə söz veririk. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. İlham Məmmədov.
İ. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dövlət quruculuğu və hüquq siyasəti komitəsi tərəfindən müzakirəmizə verilmiş “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihələrinin təkmilləşdirilmiş variantlarını komitənin sədri hörmətli Əli müəllim çox peşəkarlıqla təqdim etdi, hər bir maddədə olan dəyişikliklər barəsində bizə çox aydın və müfəssəl məlumat verdi. Mən hesab edirdim ki, artıq bu izahatdan, çox peşəkar təqdimatdan sonra biz bunu səsə qoyarıq.
Artıq cəmiyyətin, ictimaiyyətin və beynəlxalq aləmin təklifləri, iradları qısa zaman ərzində nəzərə alınaraq təkmilləşdirilmiş variantda öz əksini tapmışdır. Əlbəttə, bu, parlamentimizin demokratik ab-havasından xəbər verən bir əlamətdir. Çox qısa bir zaman ərzində belə təkmilləşdirilmiş variant, eyni zamanda, parlamentimizin, onun rəhbərliyinin, qanunvericilik bazamızın demokratik şəkildə inkişafı istiqamətində çox mühüm bir addımın bariz nümunəsi olmuşdur.
Məndən əvvəl çıxış edən həmkarlarımdan Musa müəllimin də qeyd etdiyi kimi, yaranmış ajiotajı mən başa düşə bilmədim. Son vaxtlarda mətbuatda olan yazıların əksəriyyətində irəli sürülən təkliflər qanun layihələrində öz əksini tapmışdır. Bu ajiotajın nəticəsini bu gün biz burada Pənah Hüseynin çıxışında gördük. O, aktyorluqdan, teatrdan danışır, ancaq yadından çıxarır ki, dövlətini, Vətənini, millətini canından da qat-qat artıq sevən çox peşəkar hüquqşünaslarımızın, Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvlərinin, onun sədri Əli Hüseynovun iştirakı ilə qısa müddət ərzində cəmiyyətin, ictimaiyyətin və beynəlxalq aləmin bütün fikirləri layihədə öz əksini tapmışdır.
Gəlin baxaq görək, burada nələr var? QHT-nin filial və nümayəndəliklərinin qeydiyyatı ortadan götürülüb. QHT-lərin filial və nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin azərbaycanlı olması, əlbəttə, çox müsbət haldır. Eyni zamanda, qeyri-hökumət təşkilatlarının əmlakının 50 faizdən artıq hissəsi xarici mənbələr hesabına formalaşdırıla bilməz. Bütün bu təkliflər Prezidentin yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının rəyi, dəstəyi nəzərə alınmaqla öz əksini tapmışdır. Əlbəttə, regionda yaranmış qeyri-sabit vəziyyət dövlətimizin təhlükəsizliyi baxımından bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi zəruridir. Bu gün müzakirəmizə təqdim olunmuş əlavə və dəyişiklikləri çox yüksək qiymətləndiririk.
Bu gün demokratik inkişafa çox böyük dəyər verməyimiz heç də təsadüfi deyil. Möhtərəm Prezidentimiz hər bir çıxışında qeyd edir ki, cəmiyyətimizin demokratik inkişafına, vətəndaş cəmiyyətinin formalaşmasına kömək və yardım göstərməliyik. Bunun bariz nümunəsi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının yaradılmasıdır. Bu günlərdə cənab Prezidentin fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Bu nədən xəbər verir? Bu elə vətəndaş cəmiyyətinin formalaşmasına, cəmiyyətin, dövlətin demokratik yolla inkişafına xidmət etmirmi?
Bu gün ölkəmizdə tarixi, milli-mənəvi dəyərlərimizin, azərbaycançılıq ideyalarının, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində və yaxud demokratik hüquqi dövlətimizin qurulması, yeni müasir texnologiyaların tətbiqi, insanların hüquqi maarifləndirilməsi sahəsində çox sayda qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Qısa zaman kəsiyində bu təşkilatlar formalaşmışdır və bunlara dövlət tərəfindən yardım göstərilir. Burada yenə də Musa müəllimə istinad edirəm. Çıxışında qeyd etdiyi kimi, bu il qeyri-hökumət təşkilatlarına 2 milyondan yuxarı vəsait ayrılıb. Nəzərə alaq ki, büdcəmiz 3–4 il bundan əvvəl 1 milyard idi, bu gün 14 milyardı keçir, yəqin, gələn il bu rəqəm daha çox olacaq. Xaricdən maliyyələşdirilən QHT-lər çox azdır. Mən hesab edirəm ki, insan hüquq və azadlıqlarını sipər edərək öz şəxsi mənafelərinə və digər məqsədlərə xidmət edən QHT-ləri çıxmaq şərti ilə milli mənafeyimizə xidmət edən QHT-lərin tanınması çox vacibdir. Əlbəttə, güclü iqtisadiyyatımız məhz demokratiyanın inkişafını formalaşdırır.
Demokratiyanı özlərinə sipər edən, yüksək demokratik dəyərlərə nail olmaq istəyən və rəngli inqilablar edərək guya yüksək demokratik dəyərlərə çatmış, bizim də dost hesab etdiyimiz qonşularımızda baş verən prosesləri gözümüzün qabağına gətirək. Biz, əlbəttə, dövlətimizin milli təhlükəsizliyi baxımından qanunlarımıza əlavə və dəyişikliklər etməliyik. Bu, dövlətimizin, milli mənafeyimizin qorunması istiqamətində atılan ən mühüm addımlardan biridir. Hesab edirəm ki, bu belə də olacaqdır. Bütün bunları nəzərə alaraq mən hesab edirəm ki, müzakirəmizə təqdim edilən əlavə və dəyişikliklər xalqın, ictimaiyyətin fikrini özündə tamamilə ehtiva edir.
Əlbəttə, bu gün gündəlikdə məsələlər çoxdur. Mən hesab edirəm ki, bu məsələni səsə qoymalıyıq. Burada yenə də qeyd olundu. “Dini etiqad azadlığı haqqında” Qanuna əlavələr və dəyişikliklər də bizim milli təhlükəsizliyimizə xidmət edir. Ayrı-ayrı sektaların, dini qurumların gələcəyimizə zərbə vurmaq istiqamətində fəaliyyətinə biz yol verə bilmərik. Hər şeydən əvvəl bunu bizim dövlətimizin mənafeyi tələb edir. Hesab edirəm ki, dövlətimiz özü vətəndaş cəmiyyətinin formalaşmasına, özlərini demokratiya tərəfdarı kimi qələmə verənlərdən qat-qat artıq yardım edir və bunun da bariz nümunəsi göz qabağındadır. Hesab edirəm ki, bu layihələr səsə qoyulmalıdır. İrəli sürülən əlavələr və dəyişikliklər cəmiyyətin, beynəlxalq ictimaiyyətin fikrini ifadə edərək öz əksini tapmışdır. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən hesab edirəm ki, bu gün təkmilləşdirilmiş variantda Milli Məclisin müzakirəsinə təqdim olunan qanun layihələri ciddi müzakirə tələb etmədən qəbul olunmağa tamamilə layiqdir. Əvvəla, aparılan müzakirələr, ikincisi də qanun layihələrində həyata keçirilən yeniliklər və düzəlişlər bu qanun layihələrinə səs vermək üçün ciddi əsas yaradır. Amma ayın 19-dan bu günə qədər keçən günlər ərzində təqdim olunan dəyişikliklərlə bağlı Azərbaycan cəmiyyətində aparılan müzakirələr və bəzi dairələrdə qaldırılan hay-küylərlə bağlı müəyyən qədər narahatlığımı da ifadə etməyə ehtiyac var. Bəlkə də belə bir təəssürat yaranırdı ki, qeyri-hökumət təşkilatları ilə bağlı təklif olunan dəyişikliklərə münasibətdə ən böyük narahatlığı qeyri-hökumət sektorunda çalışan Azərbaycan vətəndaşları ifadə edirdilər. Amma yəqin, diqqətli müşahidəçilər duydular ki, narahatlıq keçirənlər Azərbaycan vətəndaşı olmayanlar idilər.
Bilirsiniz, burada donor haqqında danışıldı. Heç kimə arzu etməzdim, bir xəstənin qana ehtiyacı olanda, yəqin, onun özü və ətrafındakılar daha çox narahat olarlar, donorlar yox. Amma indiki halda daha çox donorlar narahat olublar. Mən hesab edirəm ki, bu, əsassız deyil və bunun ciddi səbəbləri var. Bu barədə burada müəyyən eyhamlar oldu. Azərbaycan demokratik yolla inkişaf edir və demokratik yolundan dönmək fikrində də deyil. Bu, Azərbaycan cəmiyyətinin, bizim hər birimizin seçimimizdir və hesab edirik ki, Azərbaycan üçün fayda gətirən bir yoldur. Buna görə Azərbaycan cəmiyyəti və Azərbaycan xalqı bu yolu seçibdir. Bu yolla getməyin müəyyən atributlarından biri də, təbii ki, qeyri-hökumət sektorunun inkişaf etməsidir.
Azərbaycan hökuməti də, Azərbaycan cəmiyyəti də qeyri-hökumət sektorunun inkişafı üçün bu günə qədər səylər göstərib. Bu gün də bu səylər göstərilməkdədir, bundan sonra da belə səylər göstəriləcəkdir. Amma eyni zamanda, mütləq şəkildə onu da nəzərə almaq lazımdır ki, bütün digər atributlar kimi qeyri-hökumət sektoru da Azərbaycan dövlətçiliyinin və cəmiyyətinin maraqlarına, hər bir Azərbaycan vətəndaşının marağına xidmət etməlidir. Təbiidir ki, bu təşkilatlar Azərbaycan cəmiyyətinin içərisində formalaşan və Azərbaycan cəmiyyətinin bütün maraqlarına, mentalitetinə uyğun gələn bir qurum kimi fəaliyyət göstərməlidirlər.
Bu gün Azərbaycanda fəaliyyət göstərən çoxlu sayda qeyri-hökumət təşkilatlarının Azərbaycan vətəndaşının və Azərbaycan cəmiyyətinin narahatlıqlarına uyğun hansı layihələri həyata keçirmələri haqqında sual versək, bu sualımıza cavab verən çox az adam tapılar. Çünki həmin layihələrin nədən ibarət olduğu haqqında Azərbaycan cəmiyyəti üzvlərinin çox az məlumatları var. Bu layihələr nədən ibarətdir? Azərbaycan vətəndaşları məhz bunu bilmək istəyirlər. Azərbaycan cəmiyyətinin məhz bunamı böyük ehtiyacı var? Hansı qeyri-hökumət təşkilatı Azərbaycan cəmiyyətinin böyük bir hissəsi olan qaçqınların qayğıları ilə əlaqədar layihə həyata keçiribdir? Yaxud insanların hər hansı problemlərinin həll edilməsi istiqamətində bir layihəni həyata keçiribdir? Azərbaycanda təhsilin inkişafı böyük vüsət almış məktəb tikintisi ilə əlaqədar hər hansı bir layihənin həyata keçirilməsinə vəsaitlər qoyublar? Xeyr, vəsaitlər başqa yerlərə qoyulub.
Mən etiraz etmirəm, qeyri-hökumət sektoru, qeyri-hökumət təşkilatları mövcud olmalıdır. Azərbaycanda demokratiyanın inkişafına dəstək verməlidir. Amma başqa ölkələrdə olduğu kimi, digər sferalara da öz diqqətini azaltmamalıdır. Amma təəssüflər olsun ki, Azərbaycanda qeyri-hökumət sektorunun fəaliyyət istiqamətləri yalnız bir xətt boyunca gedir. Təəssüflər olsun ki, həmin xətt də heç də həmişə Azərbaycanın dövlət və milli maraqlarına uyğun gəlmir.
Bizim istədiyimiz nədir? Biz Azərbaycanda qeyri-hökumət sektorunun fəaliyyətinin məhdudlaşmasını, onun fəaliyyətinə mane olan hər hansı məhdudiyyətlər və çətinliklər yaradılmasını yox, qeyri-hökumət sektorunun və qeyri-hökumət təşkilatlarının Azərbaycana xidmət etməsini istəyirik. İstəyirik ki, Azərbaycanda yaşayan, işləyən, fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Azərbaycana, bu cəmiyyətə, bu cəmiyyətin vətəndaşlarına xidmət etsinlər. Bundan savayı hər hansı bir istək yoxdur və bütün niyyətlər də bununla əlaqədardır. Mən belə hesab edirəm ki, bunu biz dərk etməliyik.
Təəssüflə qeyd eləmək lazımdır, bəzi qeyri-hökumət təşkilatlarının fəlsəfəsində də, məntiqində də “qeyri-hökumət təşkilatı” anlayışını “antihökumət təşkilatı”, “anticəmiyyət təşkilatı” anlayışına və fəaliyyətinə çevirmək niyyətləri açıq-açığına görünür. Dəfələrlə bu barədə narahatlıqlarımızı biz ifadə etmişik. Nəyə görə qeyri-hökumət təşkilatları özlərinə Azərbaycan cəmiyyəti içərisində donor axtarmasınlar? Vaxtilə Azərbaycanın böyük bəlasının həll olunması, qaçqınların ehtiyaclarının ödənilməsi üçün bir sıra xarici donorlar köməklər, yardımlar ediblər. Amma indi etmirlər. Bu vəzifəni Azərbaycan hökuməti və cəmiyyəti öz üzərinə götürübdür. Bir zaman gələcək ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına pul verən xarici təşkilatlar həmin pulun verilməsini dayandıracaqlar. Sonda çoxlu sayda yaradılmış qeyri-hökumət təşkilatları nə edəcəklər? Nə cür fəaliyyət göstərəcəklər?
Əgər Azərbaycan cəmiyyətində donorluq institutu yaradılmasa, Azərbaycanda hökumət ilə bərabər Azərbaycan cəmiyyətinin də qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərməsi üçün vəsait ayırması ənənəsi formalaşmasa, hesab edirəm ki, Azərbaycanda qeyri-hökumət sektorunun Azərbaycanın milli və dövlət maraqlarına tam uyğun şəkildə fəaliyyət göstərməsi ənənəsi mümkün olmayacaqdır. Bizim istədiyimiz bundan ibarətdir ki, Azərbaycanda qeyri-hökumət təşkilatları Azərbaycanın maraqlarına, Azərbaycan dövlətçiliyinə xidmət etsinlər, Azərbaycan cəmiyyətinin ehtiyaclarına uyğun formalaşsın, fəaliyyət göstərsin və Azərbaycandan, Azərbaycan cəmiyyətindən qidalansınlar. Qida haradan gələcəksə, rəng də o rəng olacaqdır. Qida haradan gələcəksə, düşüncə də ona uyğun olacaqdır. Biz istəyirik ki, bu qida Azərbaycandan gəlsin.
Mən hesab edirəm ki, təqdim edilmiş əlavə və dəyişikliklər yalnız bu niyyətlərə, məqsədlərə xidmət edir və bunun əleyhinə çıxmaq, əslində, Azərbaycanın dövlətçilik və milli maraqlarının əleyhinə çıxmaq cəhdlərindən başqa bir şey deyildir. Bu layihələrin ortaya qoyulması da bəzi adamların çox şübhəli şəkildə kimlərlə əlaqəli və kimlərdən qida almaları haqqında məsələlərə işıq salır. Mən istəməzdim ki, kimlərsə bu çıxışımda antidemokratik, qeyri-demokratik məqamlar axtarsınlar. Demokratiya dövlətin, milli maraqların, cəmiyyətin və cəmiyyətin maraqlarının əleyhinə deyil. Biz istəyirik ki, demokratiya Azərbaycanın maraqlarına və mənafelərinə, Azərbaycan cəmiyyətinin və vətəndaşlarının istək və arzularına uyğun olsun. Güman edirəm ki, bu dəyişikliklərlə qanunların normaları həddən artıq yumşaldılmışdır. Hesab edirəm ki, həddən artıq yumşaldılmış dəyişikliklərin də əleyhinə çıxmaq üçün əsas verəcək heç bir şey yoxdur.
Digər tərəfdən, “Dini etiqad azadlığı haqqında” Qanunla bağlı təkliflərə də etiraz edənlər oldular. Bəziləri bunu guya Azərbaycan hökumətinin xaricdə təhsil almaq ideyasına qarşı çıxdığı kimi təqdim eləməyə səy göstərdilər. Mən qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın çoxlu sayda vətəndaşı Azərbaycandan kənarda ali təhsil alır. Azərbaycan hökuməti bu ideyanın həyata keçirilməsi üçün milyonlarla vəsait ayırıbdır. Bunu unutmaq lazım deyil. Azərbaycan cəmiyyəti sivil, dünyəvi bir cəmiyyətdir. Azərbaycan hökuməti, Prezidenti Azərbaycan vətəndaşlarının bu ənənələrə və fəlsəfəyə uyğun şəkildə yüksək təhsil alması üçün hər şeyi edir. Bizim üçün ən əziz olan Azərbaycandır. Bizim üçün, məncə, ən əziz olan cəmiyyətimizdəki sabitlikdir, əmin-amanlıqdır. Bu sabitlikdən, əmin-amanlıqdan Azərbaycanın hər bir vətəndaşı fayda görür. Güman edirəm ki, biz bunu qorumaq üçün qanunlarımızda müəyyən dəyişikliklər etməyə cəsarətlə hazır olmalıyıq. Belə dəyişikliklər Azərbaycanın bu günü və gələcəyi üçün lazımdır. Heç kim öz dinindən imtina etmir, heç kim dinindən geri çəkilmək niyyətində deyil. Nə qədər ki bu dinə sadiq olan insanlar var, onların qəlbində yaşayır. Bizim istəyimiz, arzumuz ondan ibarətdir ki, din insanın qəlbində, ürəyində olsun, başqa məqsədlərə xidmət göstərməsin. Ona görə də mən təklif edirəm ki, hörmətli Oqtay müəllim, bu dəyişikliklər Azərbaycanın maraqlarına və bizim hər birimizin marağına uyğun gəldiyinə görə səsə qoyulsun və qəbul edilsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fasiləyə qədər bu müzakirələri davam etdirəcəyik. Nəsib Nəsibli.
N. Nəsibli. Çox təşəkkür edirəm, cənab Sədr. Hörmətli Milli Məclis, hörmətli qonaqlar və mətbuat nümayəndələri! Məncə, bu iki məsələ bu sessiyada müzakirə olunan ən ciddi məsələlərdəndir və bunlara ciddi münasibət tələb olunur. Dəyişikliklərə dəyişikliklər edildiyinə görə, məncə, Əli Hüseynova və onun komitəsinə təşəkkür etməli deyilik. Mənə çox qəribə gəlir. Eyni pafosla, eyni gur səslə ayın 19-da həmin maddələr müzakirə olunurdu. Bu gün isə həmin müddəaların çıxarılması da eyni pafosla müdafiə olunur. Təşəkkür etməli olduğumuz isə QHT sektorunu təmsil edən şəxslərdirlər ki, onların ünvanına da çox təhqirli sözlər deyildi. Mənə elə gəlir ki, “Azərbaycanın siyasi vicdanı” deyilən bir anlayış qalıbsa, onların tərkib hissəsi QHT-də təmsil olunan insanlardırlar. Bir də baxın. QHT sektoru, həqiqətən də, demokratiya deyilən bir nəsnənin əsas hissəsidir. Onsuz mümkün deyil. Əgər qeyri-hökumət təşkilatı müstəqil deyilsə... Dəyişilmiş müddəalar da, bax, bu müstəqilliyi əldən alır. Onda onlar, həqiqətən də, hökumətin yanında bir təşkilatlar olur.
Bir məsələni də demək istəyirəm. Bununla bağlı çox danışmaq istəmirəm, çünki digər məsələ də çox ciddi bir məsələdir. Əslində, nəzəriyyə də, praktika da göstərir ki, ən güclü dövlətlər demokratik dövlətlərdir. Ən demokratik dövlətlər Amerikadan, digər ölkələrdən QHT xətti ilə yardım alırlar. Bu o deməkdir ki, Birləşmiş Krallıq Amerika Birləşmiş Ştatlarının müstəmləkəsidir? Ən çox yardım alan Birləşmiş Krallıqdır və Türkiyədir, Fransadır. Fransızlar özlərini öldürürlər ki, niyə bizə bu qrantları azaldırsınız, məhdudlaşdırırsınız? 1992-ci ildən 2002-ci ilə qədər Amerikanın bizim bölgəyə yardımı mənzərəsi belədir: Ermənistana ən çox 1.337, Gürcüstana 1.12 milyard dollar və Azərbaycana bunlardan 4 dəfə az, 337 milyon dollar yardım olunub. Amerika yalvarmır ki, gəlin, sizə humanitar yardımı artıraq. Qrant verən təşkilatları, üzr istəyirəm, qrant alan təşkilatları, QHT sektorunu xarici ölkələrin nüfuz agentləri... Bəzi çıxışları da agentlər kimi göstərmək, məncə, yaramaz. Məncə, bu, demokratiya anlayışına uyğun deyildir.
İkinci məsələ, məncə, bununla bağlıdır, həm də çox ciddi məsələdir. Bu məsələ “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklə bağlıdır. Mən təxminən 1 il əvvəl bununla bağlı çıxış etmişdim. Həmin çıxışımda dedim ki, ölkədə siyasi İslam yayılır. Hətta misal çəkmişdim ki, açın pəncərəni, baxın, Milli Məclisin qarşısında olan məscidə baxın, görün, cümə namazına nə qədər insan yığılır. Bəzi adamlar burada etiraz elədilər. Hətta bir nəfər, heç yadımdan çıxmaz, mənə dedi ki, çox provokasiya xarakterli bir çıxış idi. Bu gün həmin qanunun iki maddəsinə nəzərdə tutulmuş dəyişiklik göstərir ki, hakimiyyət bu təhlükənin fərqindədir. Hesab edir ki, belə bir təhlükə var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əvvəlki sədri belə bir təhlükənin olduğunu daha açıq şəkildə deyirdi. Böyük ehtimal ki, Hidayət müəllim də eyni fikirdədir və bu dəyişikliklər ona yönəlib. Amma siyasi İslamın yaranması və yayılmasının səbəbləri təkcə xarici amillərdən asılı deyil, təkcə mollanı təyin eləməklə bu problemi həll etmək mümkün deyil. Ayın 19-da iclasda İqbal bəy də bunu dedi. Dini icmalar da müstəqil şəkildə yaradılır və öz imamını seçirlər. Bu, bütün dünyada belə olub. Əgər o, təyin ediləcəksə, əlbəttə, bir məmur olacaq. 1.8-ci maddəyə edilən dəyişiklik, məncə, çox yersiz bir dəyişiklikdir.
Həmin qanuna ikinci dəyişiklikdə deyilir: “İslam dini ayin və mərasimlərinin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər”. Mən keçən dəfə çıxışımda demişdim. Buna da misal olaraq Qəzvindən danışdım. Amma üç, beş nəfərin hansısa ölkənin nüfuz agentinə çevrilməsi o demək deyil ki, xarici ölkələrdə ilahiyyat təhsili almış insanlar Azərbaycanda adi ibadətləri icra edə bilməzlər. Məncə, qısa desək, poleativ də deyil. Bu, qıcıqlandırıcı bir addım olardı. Əgər bunlar yoxdursa, onda nə olsun? Siyasi İslamın qarşısı necə alınsın? Məncə, daxili problemlərə, amillərə diqqət yetirmək lazımdır.
Demokratik müxalifət əzilib. Bu gün adı müxalifət olan, amma müxalif funksiyanı yerinə yetirən bir qüvvə yoxdur. Olsa-olsa, dissident qrupları var və bunlar “perestroyka” dövrünün dissident hərəkatını xatırladır. Artıq insanlar müxalifəti bugünkü hakimiyyətin alternativi olaraq görmürlər, məsciddə, ayrı-ayrı yerlərdə və gizli şəraitə keçmək meyilini göstərmiş dini qurumlarda görürlər. Qanunsuzluq hər yanda baş alıb gedir. Bu məhdudiyyətlə onun qarşısını almaq mümkün deyil. Rüşvət və korrupsiya sahəsində Azərbaycan dünyada çempionlardan biridir. Bir sözlə, daxili amillər siyasi İslamın yayılmasını şərtləndirir. Əgər biz, həqiqətən də, Azərbaycanın normal şəkildə inkişaf etməsini istəyiriksə, daxili amillərə fikir vermək lazımdır. Pənah Hüseyn bununla bağlı danışdı.
Məhdudlaşdırıcı bir xətt götürülüb. Bu meyil açıq-aydın göstərilir. Əgər QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş müddəalar qəbul olunsa, o zaman növbəti addım İnternetlə bağlı məhdudiyyətlər olacaqdır. Artıq bununla bağlı söhbətlər gedir. Görünür, bu barədə qanun layihəsi təklif olunacaqdır. Mən diqqətinizi bir daha son dərəcə ciddi bir məsələyə cəlb etmək istəyirəm. Bir daha təkrar etmək istəyirəm ki, Azərbaycan Respublikası Milli Məclisinin bu sessiyada üzərində ən çox düşünə biləcəyi bir məsələdir. Sizi bu məsələyə yanaşmada diqqətli olmağa çağırıram. Çox təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Valeh Ələsgərov buyursun.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Mən, ola bilsin ki, bu məsələ ilə əlaqədar çıxış etməzdim, ancaq son həftələr QHT-lərlə əlaqədar məsələlərin ətrafında gedən ajiotaj məni narahat edir. Bu Milli Məclisdə vətəndaş cəmiyyətinin inkişafı, fəaliyyəti ilə əlaqədar daha vacib qanun layihələri də müzakirə olunubdur. Ancaq bu qədər ajiotaj olmayıbdır. Təbii bir prosesi başqa cür təqdim etmək, fikrimcə, düzgün deyil. Müzakirələr, araşdırmalar, mübahisələr ona görə lazımdır ki, son nəticədə bir qərara gəlmək üçün düzgün yol seçilsin. Burada da mən qeyri-təbii bir şey görmürəm. Əli müəllimin bugünkü təqdimatında, yenə də təkrar edirəm, mən qeyri-adi bir şey görmürəm. Mütəxəssislərlə, maraqlı tərəflərlə görüşlərdən, müzakirələrdən sonra edilmiş dəyişikliklər təqdim olunmuşdur.
Mən Azərbaycanın müstəqilliyinə, inkişafına çox təsir etmiş bəzi layihələrin tarixini yadınıza salmaq istəyirəm. Bu layihələrin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının rolunu da yadınıza salmaq istəyirəm. Bakı–Subsa, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum layihələrini yadınıza salım. Azərbaycanın onlarla qeyri-hökumət təşkilatı bu layihələrin əleyhinə çıxırdı. Gürcüstanın onlarla qeyri-hökumət təşkilatları bu layihələrin əleyhinə çıxırdı. Minlərlə səbəb tapılırdı. Guya bu layihələr milli azlıqların hüquqlarına, haqlarına təsir edəcəkdir. Səngəçalda tikilən terminalın ətrafında iki tısbağa tapılmışdı. Guya tısbağalara da təsir edəcək. Sonra məlum oldu ki, tısbağaları müdafiə edən qeyri-hökumət təşkilatlarının sayı tısbağaların sayından artıq idi. Bu sözlərimə mən cavabdehəm. Gəlib o yerə çatırdı, deyirdilər ki, filan göldə qurbağaların cütləşməsinə ekskavatorlar mane olur. Gölün yanından keçən dəmir yolu, traklar keçən yol mane olmur, 12 kilometrdə keçən kəmərin ekskavatorları mane olur. Bir qurbağa məsələsi ilə bağlı neçə ölkənin qeyri-hökumət təşkilatları yaşayır, dolanırdılar və sair.
Kimsə də qeyri-hökumət təşkilatlarını bir paklıq, müqəddəslik nümunəsi kimi təqdim etmək istəyirsə, mən bunun əleyhinəyəm. Minlərlə dəqiq misallar gətirə bilərəm. Azərbaycanın onlarla qeyri-hökumət təşkilatının Bakı–Subsa, Bakı–Ərzurum, Bakı–Ceyhan layihələrinin əleyhinə çıxış etdiklərini və haradan qidalandıqlarını da bilirəm. Kimlərdən, hansı miqdarda qidalandıqlarını bilirəm. Fikrimcə, bütün məsələləri müzakirə edəndə bir şeyi – Azərbaycanın müstəqilliyini, Azərbaycan millətinin, xalqının, dövlətinin təhlükəsizliyini nəzərdə tutmalıyıq. Ətrafa baxın, görün, nələr cərəyan edir? Görün, dünya hansı tərəfə gedir. Azərbaycanın müstəqilliyi bizim üçün hər şeydən uca və vacib olmalıdır. Mən Gürcüstanda bir zaman Bakı–Ceyhan layihəsi əleyhinə çıxış edən qeyri-hökumət təşkilatlarının bəzi nümayəndələri ilə görüşəndə üzlərinə dedim ki, Bakı–Ceyhan, Bakı–Ərzurum olmasa idi, 2008-ci il avqust hadisələri nə ilə qurtarardı, Allah bilir. Amma həmin adamlar bu layihələrin əleyhinə çıxış edirdilər. Bizim müstəqilliyimiz, təhlükəsizliyimiz, millətimizin əmin-amanlığı hər şeydən üstündür. Təqdim edilmiş dəyişikliklərdə, əlavələrdə mən qeyri-demokratik, vətəndaş cəmiyyətinin inkişafına mənfi təsir eləyən bir şey görmürəm. Onun-bunun dediyinə baxmayaq, çətin günə düşəndə bizim yardımımıza bizdən başqa gələn olmayacaq. Xahiş edirəm, layihəni səsə qoyaq, səs verək, qəbul eləyək.
Sədrlik edən. Mən müavinlərimin hüquqlarını əllərindən almaq istəmirəm. Ziyafət müəllim çıxış etmək istəyir, sonra layihəni səsə qoyarıq.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən birinci növbədə hörmətli cənab Sədrə təşəkkür edirəm, çünki artıq fasilə vaxtıdır. Amma 5 dəqiqə vaxtınızı alacağam, buna görə əvvəlcədən üzr istəyirəm. Mən ayın 19-da, hələ birinci variant müzakirə olunanda bütün çıxışlara diqqətlə qulaq asdım. Bu gün öz fikrimi deməliyəm. Mən sizi əmin eləməliyəm. Əgər ayın 19-da təqdim edilən variant bu gün müzakirə olunsaydı, mən onu yenə müdafiə edəcəkdim. Çünki hər iki halda qanunun mahiyyəti QHT-lərə qarşı deyil, QHT-lər xalq düşməni deyil, mənim əzizlərim. Söhbət Azərbaycanın təhlükəsizliyindən, milli maraqlarından, suverenliyindən, sizin və bizim hüquqlarımızın qanuni müdafiəsindən gedir. Söhbət ondan gedir ki, bizə güclü Azərbaycan lazımdır. Zəif ölkədə demokratiya olmur. Zəif ölkə sizin və mənim hüquqlarımı qoruya bilməz. Mən buradan Pənah Hüseynə 15 səhifəlik bir sənəd göndərirəm. Pənah Hüseyn, bu sənədi mən Sizə göstərəcəyəm, amma burada göstərə bilmərəm. Bəlkə də burada göstərilən məsələləri bilirsiniz. Bu, rəsmi sənədlərdir, rəsmi faktlardır. Bu sənədi sizə göstərsəm, bəzi QHT-lərin Azərbaycanda nə işlərdən çıxdıqlarını görərsiniz. Bu sənədi oxuyandan sonra, inanın ki, durub burada çıxışınıza görə üzr istəyəcəksiniz.
QHT-ni kim düşmən eləyir? Mətbuatda xəbər yayırsınız ki, Azərbaycan dövləti, Azərbaycan iqtidarı, Milli Məclis qorxdu, geri çəkildi. A kişi, biz sizdən niyə qorxmalıyıq? QHT-lərimiz düşməndir, onlardan qorxaq? Əgər biz öz deputatlarımızın və QHT-lərimizin təkliflərini, fikirlərini nəzərə alırıqsa, bunun nəyi pisdir? Hüquqi dövlətə gedən yol vətəndaş cəmiyyətindən keçir. Pənah Hüseyn, fəlsəfə ilə məşğul olan insansınız, biz vətəndaş cəmiyyəti, hüquqi dövlət qururuq, müxalifətimizin dediyi fikirləri də nəzərə ala bilərik, burada qeyri-adi heç bir şey yoxdur. Amma məni şəxsən təəccübləndirən odur ki, nədən Azərbaycanın təhlükəsizliyi ilə bağlı qanunlar müzakirə olunanda müxalifət başlayır inciməyə, yaxud başqa fikirlər söyləməyə? Siz deyirsiniz, demokratiya olsun, amma qanun olmasın?
Amerika Birləşmiş Ştatlarının səfiri əyləşib burada. Amerikada qanunsuz demokratiya ola bilər? Demokratiya ancaq qanunçuluq çərçivəsində olmalıdır. Biz də bunu qaydaya salmaq istəyirik.
Burada dini etiqad azadlığı ilə bağlı hörmətli həmkarlarım danışdılar. Mən bununla bağlı çox danışmayacağam. Sadəcə, demək istəyirəm ki, bayaq hörmətli həmkarım Fəzail müəllim qeyd etdi, “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliklər dinin tiryəkə çevrilməsinin qarşısını almaq üçündür, vəssalam. Mən bunu deyə bilərəm. Dinin tiryəkə çevrilməsinin qarşısını almağın vaxtıdır. Xahiş edirəm, bunu düzgün qəbul eləyin.
Burada mən birinci variantla bağlı bir neçə kəlmə demək istəyirəm. Hörmətli Oqtay müəllimə xüsusi minnətdarlıq etmək istəyirəm, həmin qanunun bugünkü səviyyəyə gəlib çıxmasına o, böyük cəhd göstərib. Mən açığını deyim, Əli müəllimə də öz fikrimi dedim. Hələ birinci variantda müzakirə olunanda, qanunun mahiyyətini başqa yerlərə yozmağa başladılar, əsas məzmun qaldı bir tərəfdə. Mən Əli müəllimə də dedim ki, əgər bunu cəmiyyətə başqa cür təqdim etmək istəyirlərsə, onda bunlara getmək lazımdır, çünki bizim məqsədimiz azadlığı boğmaq deyil. Bizim məqsədimiz Azərbaycanın iqtisadi maraqlarına, dövlət təhlükəsizliyinə qarşı yönəlmiş ac canavarların qabağını almaqdır. Əgər biz istəsəydik, bu normaların yumşaldılmasına getməzdik və səsə qoyub keçirəcəkdik. Problem yox idi burada. Amma məqsədimiz, amalımız Azərbaycan dövlətini güclü etməkdir.
Bir misal çəkmək istəyirəm. Hörmətli Məlahət xanım, Siyavuş müəllim də buradadır. Almaniyada NATO Parlament Assambleyasının sessiyasında iştirak edirdik. Amerika Birləşmiş Ştatlarından bir ekspert gəlmişdi, polkovnik idi. O, yaxşı çıxış elədi və ekspert kimi Azərbaycanda gedən hərbi islahatlardan, Qəbələ RLS-in statusundan danışdı. Təbii, biz nümayəndə heyəti olaraq ona yaxınlaşdıq ki, təşəkkürümüzü bildirək. Mən baxdım ki, Fransa, Portuqaliya, İngiltərədən olan deputatlar ona yaxınlaşıb təşəkkür etmək istəyirlər. Mən dedim ki, Sizi hamı tanıyır, Sizə “sağ ol” deyirlər. Dedi: yox, məni tanımırlar, birinci dəfədir burada iştirak edirəm. Dedim: bəs Sizinlə salamlaşırlar. O, cavab verdi ki, salamı mənə yox, Amerikanın gücünə verirlər. Mən istəyirəm ki, mənim də dövlətim, Azərbaycan güclü olsun. Mənim dövlətim güclü olmasa, mənim və Azərbaycanın hüquq və azadlıqlarını kim qoruyacaq? Ona görə yenə deyirəm, müxalifət də olmaq, fikir də söyləmək olar, amma nə qədər ağa qara demək olar? Biz nədən qorxmalıyıq?
Pənah Hüseyn, 1992-ci ildə İsgəndər Həmidov televiziyaya girib bizi təhqir eləyəndə, heç onda sizdən qorxmurduq. Mənim hüquqi dövlətim var, mən səndən niyə qorxmalıyam? Qorxmalı deyilik, sadəcə olaraq, həmişə möhtərəm Prezidentin dediyi kimi, cəmiyyətdə vətəndaş həmrəyliyi olmalıdır. Bəli, QHT-lərin də, siyasi partiyaların da fikri nəzərə alınmalıdır. Amma bunu qorxaqlıq kimi qəbul eləyəndə, şəxsən mənə dəyir. Heç kəsdən də qorxmuruq, gücümüz də var, istəyirik bundan da güclü olaq, Azərbaycan vətəndaşlarını bu yaxınlarda yazdığımız kimi, “layiqli yüksək həyat səviyyəsi ilə təmin edək”.
Burada mən bu fikri demək istəmirdim, amma çox təəssüf edirəm, Pənah Hüseynin çıxışından sonra mən gördüm ki, o hələ 1992-ci il eyforiyası ilə yaşayır. Həmişə o, çıxış eləyəndə Mirzə Cəlil yadıma düşür, ona qəni-qəni rəhmət oxuyuram. “Poçt qutusu”, Novruzəli yadıma düşür. Bayaq Fəzail müəllim də qeyd etdi, Pənah Hüseyn, Siz aktyorların kim olması haqqında danışdınız. Mən möhtərəm Prezidentimizdən xahiş edirəm, Azərbaycanda teatr və aktyorluq sənətinin inkişafında xüsusi xidmətlərinə görə Pənah Çodar oğlu Hüseynə Azərbaycanın xalq artisti adı verilsin. Sağ olun.
Sədrlik edən. Mənə elə gəlir, münasibətlər məlumdur, artıq çıxışları saxlamaq lazımdır. Bu layihə ilə bağlı 30-a yaxın deputat çıxış etdi. Xahiş edirəm, dəyişikliklərə münasibət bildirək. Əvvəl “Dini etiqad azadlığı haqqında” Qanuna əlavələr və dəyişiklik edilməsi barədə qanun layihəsinə səs verin.

Səsvermənin nəticələri  (saat 14.13 dəq.)
Lehinə  90
Əleyhinə  7
Bitərəf  0
Səs vermədi 2
İştirak edir  99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İkinci məsələyə, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə  93
Əleyhinə  5
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Fasilə elan edilir.

(FASİLƏDƏN  SONRA)

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Gündəliyin üçüncü məsələsinin müzakirəsinə başlayırıq. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar layihəsi sizə paylanıb. Etiraz yoxdursa, xahiş edirəm, layihəyə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 16.07 dəq.)
Lehinə  73
Əleyhinə  2
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  77
Yetərsay yoxdur

Yetərsay yoxdur. Təlatüm müəllim, zəhmət olmasa, deputatları iclasa dəvət edin. Xahiş edirəm, bir daha münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 16.08 dəq.)
Lehinə  90
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Gəncə və Şirvan apellyasiya məhkəmələri hakimlərinin vəzifələrindən azad edilməsi haqqındadır. Komitə sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Sağ olun, Ziyafət müəllim. Cənab Prezident tərəfindən Konstitusiyaya müvafiq olaraq apellyasiya məhkəməsi hakimlərinin vəzifədən azad olunması məsələsi parlamentin müzakirəsinə təqdim edilmişdir. Apellyasiya və Ali məhkəmələrin hakimlərinin vəzifəyə təyin və vəzifədən azad olunması ölkə Prezidentinin təqdimatı ilə parlamentin səlahiyyətinə daxildir. Amma qeyd etmək istəyirəm ki, vəzifədən azad edilmə ilə bağlı prosedura uyğun olaraq hər iki hakimin özlərinin ərizələri var. Bəzi hallarda hakimlər işlərində yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən daha aşağı vəzifəyə keçirilirlər. Bu o hal deyil. Əksinə, Apellyasiya Məhkəməsinin hər iki hakimi – Abdullayev Vəli və Hüseynova Təranə uzun illərdir, məhkəmə korpusunda çalışan, çox nüfuzlu, bilikli, bacarıqlı hakimlərdirlər. Biz onları təqdimata əsasən səs verib vəzifədən azad etdikdən sonra onların cənab Prezident tərəfindən birinci instansiya məhkəmələrində vəzifələrə təyinatı məsələsinə baxılacaq. Biz, faktik olaraq, formal bir proseduru həyata keçirməyə borcluyuq. Millət vəkillərindən cənab Prezidentin bu təqdimatına səs verməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.10 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin layihəsinin üçüncü oxunuşudur. Komitə sədri Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Bildiyiniz kimi, bu çox vacib məcəllənin layihəsidir. Parlamentə cənab Prezident tərəfindən təqdim olunmuşdur. İki komitədə – Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət komitələrində müzakirə olunmuş və parlamentin müzakirəsinə təqdim edilmişdir. İkinci oxunuşdan sonra işçi qrupu layihə üzərində işini davam etdirmişdir. İşimizin istiqaməti aydın idi. Bu barədə biz bəyan etmişik ki, Mənzil Məcəlləsi, sözsüz, qüvvədə olan Mülki Məcəllə və hazırda müzakirə predmeti olan Tikinti və Şəhərsalma məcəllələri ilə bu və ya digər formada bağlı idi.
Biz Konstitusiyanın 29-cu maddəsini, yəni mülkiyyət hüququnu əldə rəhbər tutaraq vətəndaşların mənzil hüquqlarının qorunması istiqamətində işimizi həyata keçirmişik. Layihə ilə bağlı digər komitələrin, Hadi müəllimin, Elmira Axundovanın, Pənah Hüseynin, Fazil Mustafanın, Vasif Əliyevin və digər hörmətli millət vəkillərinin çoxlu sayda təklifləri və iradları olmuşdur. Məcəllə geniş müzakirə olunmuş, təkliflər, iradlar qanunvericilik təşəbbüsü subyektinə çatdırılmışdır və bir sıra məsələlərlə bağlı razılıq əldə edilmiş və bunlar layihədə öz əksini tapmışdır. Amma bir sıra məsələlər haqqında ikinci oxunuşun sonunda mən qanunvericilik təşəbbüsü subyektinin və komitənin mövqeyini çatdırmışdım. Bu məsələlər yenidənqurma, yenidən planlaşdırma işləri ilə bağlıdır. Məcəllənin digər maddələrində yaranan sualların cavabları isə verildi.
Hörmətli İlyas müəllimin də bu layihə ilə bağlı bir sıra təklifləri var idi. Əvvəlcə ümumi bir fikir birliyi yox idi. Amma dünən qanunvericilik təşəbbüsü subyektinin diqqətinə çatdırıldı. Söhbət 9-cu maddənin Konstitusiyaya zidd olan müddəaları ilə bağlı idi. Hazırda bu məsələ layihədə öz əksini tapmayıb, amma qanunvericilik təşəbbüsü subyektinin diqqətinə çatdırılıb və razılıq əldə olunub. Məsələni qeyd etdim ki, stenoqramda öz əksini tapsın, biz bununla bağlı düzəliş edəcəyik.
Bütövlükdə isə hesab edirəm ki, Mənzil Məcəlləsi üçüncü oxunuş üçün tam hazırdır, qəbul oluna bilər. Ümidvarıq ki, ölkəmizdə iqtisadiyyatın indiki inkişaf mərhələsində, insanların mənzil hüquqlarının təmin olunmasında bu məcəllə əsaslı rol oynayacaq. Birinci oxunuşda dediyimiz kimi, təəssüf ki, hələ də indiyə qədər sovet dövründə qəbul olunmuş Mənzil Məcəlləsi qüvvədədir. Düşünürəm ki, bu məcəllə parlamentin qəbul etdiyi məcəllələr sırasında ən əhəmiyyətlilərindən biri olacaqdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Mən də hesab edirəm ki, bu sənəd üzərində xeyli vaxtdır iş gedib, xeyli əziyyət çəkilib və üçüncü oxunuşda qəbul olunmağa hazırdır. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 16.14 dəq.)
Lehinə  91
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  91
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin üçüncü oxunuşda qəbul edilməsi haqqındadır. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Ziyafət müəllim, bu barədə işçi qrupunun rəhbəri, komitənin üzvü Rafael Cəbrayılov məlumat verməlidir.
Sədrlik edən. Hörmətli deputatlar, məlumat üçün sizə bildirim ki, bu məcəllənin işlənib hazırlanmasında Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin üzvləri xeyli zəhmət çəkiblər, onlar burada iştirak edirlər. Mən onların adlarını sizə demək istəyirəm. Folker Ellenberq – Almaniya Federativ Respublikasının Baden Vürtemberq Əyalətinin Ədliyyə Nazirliyinin idarə rəisi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin eksperti və Hansyohen Dürr – Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin eksperti, istefada olan hakim. Onların hər ikisi iclasda iştirak edirlər. Bu məlumatı verdim ki, biləsiniz. Buyurun, davam edin.
R. Cəbrayılov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Sağ olun, Ziyafət müəllim. Hörmətli Ziyafət müəllim, hörmətli Milli Məclis üzvləri! Bu gün Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin layihəsi üçüncü oxunuşda sizin müzakirənizə təqdim olunur. Həmin layihənin dövlət-vətəndaş münasibətlərinin hüquqi dövlət prinsiplərinə uyğun şəkildə qurulması baxımından çox əhəmiyyətli bir sənəd olduğunu xüsusi qeyd etmək istəyirəm. Azərbaycanda hüquqi dövlət quruculuğuna, dövlətimizin prioritet vəzifəsi sayılan insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin real təmin olunmasına bu sənədin çox böyük töhfələr verəcəyi şübhəsizdir. Konstitusiyaya edilən son dəyişikliklər kontekstində bu məcəllənin qəbul edilməsi xüsusilə aktualdır. Ona görə aktualdır ki, qanunvericilikdə yalnız şəxsin hüquq və azadlıqlarının təsbit olunması yetərli deyil, onların effektli şəkildə qorunması, qanunsuz idarəçilik aktlarının ləğv olunması üzərində hüquq və azadlıqların bərpasının təmin edilməsi üçün adekvat hüquqi təminatlar sistemi və səmərəli hüquqi müdafiə mexanizmləri yaradılmalıdır.
Avropanın qabaqcıl dövlətlərindən olan Almaniyanın, Fransanın, İsveçrənin təcrübəsinə əsasən söyləmək olar ki, belə hüquqi müdafiə mexanizmləri sırasında ən təsirli vasitə idarəçilik orqanlarının fəaliyyəti üzərində məhkəmələr tərəfindən həyata keçirilən məhkəmə nəzarətidir. Roman-german hüquq sisteminə daxil olan ölkələrdə inzibati məhkəmə qaydasında hüquqi müdafiənin üç modeli mövcuddur.
Birinci və əsas model müstəqil və ixtisaslaşmış inzibati məhkəmələrin yaradılmasını və inzibati mübahisələrə həmin məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikasının ilk İnzibati Prosessual Məcəlləsinin hazırlanması zamanı birinci modeli əsas götürmüşük. İnanıram ki, qabaqcıl təcrübəyə əsaslanan bu məcəllə inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə baxılması və bunların həll edilməsini, idarəçilik fəaliyyətinin qanuniliyi üzərində məhkəmə nəzarətinin həyata keçirilməsini təmin edəcək və bu baxımdan insan haqlarının qorunması ilə bağlı dövlətin öz üzərinə götürdüyü səmərəli rol oynayacaqdır.
Digər tərəfdən, idarəçilik orqanlarının səmərəli və şəffaf fəaliyyətini təmin edən, belə fəaliyyətin prinsiplərini, şərtlərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun qəbulundan sonra, həmin qanunla birbaşa bağlı olan və onu tamamlayan bu məcəllənin də qəbul edilməsinə inzibati hüquq sahəsində demokratik qanunvericilik bazasının yaradılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kursunun məntiqi davamı kimi baxmaq lazımdır.
Hörmətli Milli Məclis üzvləri, layihənin ikinci oxunuşda müzakirəsi zamanı hörmətli millət vəkilləri Ziyafət Əsgərov, İlyas İsmayılov, Jalə Əliyeva, Fazil Mustafa, Ülvi Quliyev, Qüdrət Həsənquliyev, Pənah Hüseyn və başqaları tərəfindən layihənin ayrı-ayrı maddələrinə dair bir sıra təkliflər irəli sürülmüş, dil, üslub və terminologiya baxımından bir sıra problemlərə diqqət çəkilmişdir. Bəzi məqamlara aydınlıq gətirilməsi istənilmişdir. Həmin təkliflərdən, iradlardan bəzilərinə elə müzakirələr zamanı Ziyafət müəllim, Əli müəllim, Səfa müəllim tərəfindən aydınlıq gətirilmiş, izahlar bildirilmişdir. Bununla belə, hər bir təklif, hər bir irad işçi qrupu tərəfindən yenidən diqqətlə öyrənilmiş, konstitusion-hüquqi dəyərlər uyğunluq sarıdan təhlil edilmiş, hətta həmin irad və təkliflərlə bağlı layihənin Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin bir sıra hakimləri ilə geniş müzakirəsi təşkil edilmişdir. Mən öz adımdan və işçi qrupu adından müzakirələr zamanı söylənilən fikirlərə və qeydlərə, irəli sürülən təkliflərə görə həmkarlarıma dərin minnətdarlığımı bildirirəm. Əslində, bu məcəllənin layihəsinin daha da təkmilləşdirilməsi sizlərin xidmətidir.
Hörmətli millət vəkillərinin əksəriyyətinin çıxışında xüsusi vurğulanan, prinsipial mübahisə predmeti olan məsələ 3-cü maddənin məzmunu ilə, yəni inzibati mübahisələrə baxacaq məhkəmələrlə, o cümlədən Ali Məhkəmənin və apellyasiya məhkəmələrinin predmet və instansiya yurisdiksiyası ilə və bu məqsədlə seçilmiş modellə əlaqədar idi. Millət vəkillərinin bununla bağlı təklif və qeydləri ətraflı müzakirə olunmuş, nəticədə işçi qrupu tərəfindən üçüncü oxunuşa təqdim olunmuş layihədə inzibati mübahisələrə baxacaq məhkəmələrin təşkilinin yeni modeli nəzərdə tutulmuşdur. Bu model 3 pilləli məhkəmə sistemini ehtiva edir. Yeni modelə görə yerli iqtisad məhkəmələrinin, apellyasiya məhkəmələrinin və Ali Məhkəmənin iqtisadi mübahisələrə dair kollegiyalarının bazasında inzibati və iqtisadi mübahisələrə dair yeni məhkəmələrin və kollegiyaların yaradılması nəzərdə tutulur.
Mübahisələrə birinci instansiya qaydasında yerli inzibati və iqtisadi mübahisələrə dair məhkəmələr, apellyasiya qaydasında apellyasiya məhkəmələrinin inzibati və iqtisadi mübahisələrə dair kollegiyaları, kassasiya qaydasında isə Ali Məhkəmənin inzibati və iqtisadi mübahisələrə dair kollegiyaları tərəfindən baxılması təklif olunur. Bu qaydadan bir istisna var. Həmin istisnaya görə qanunauyğunluqla, kütləvi informasiya vasitələri və siyasi partiyalarla bağlı mübahisələrə birinci instansiya qaydasında apellyasiya məhkəmələri tərəfindən baxılması nəzərdə tutulmuşdur. Həmin mübahisələrin bağlı olduğu hüquqi dəyərlərin və onların qoruma sferasına aid olan söz, mətbuat, birləşmək azadlıqlarının, habelə siyasi fəaliyyətin demokratik cəmiyyətdə önəmi nəzərə alınaraq bu qaydanın tətbiqi məqsədəuyğun sayılmışdır. Həmin mübahisələrin apellyasiya məhkəmələrinin predmet yurisdiksiyasına aid edilməsinin konstitusiya hüququ baxımından problem yarada biləcəyinə dair fikirlərə və şübhələrə əvvəlki iki oxunuşda müzakirələr zamanı kifayət qədər aydınlıq gətirilmişdir və mən hesab edirəm ki, gətirdiyimiz dəlillər yetərlidir.
Mübahisələrə yerli məhkəmələrdə hakim tərəfindən təkbaşına, yuxarı məhkəmələrdə isə üç hakim tərəfindən baxılması nəzərdə tutulur. Qeyd etdiyim modelin nəzərdə tutulması ilə əlaqədar layihənin mətnində müvafiq dəyişikliklər edilmiş və apellyasiya şikayəti üzrə apellyasiya instansiya məhkəməsində icraatla bağlı qaydalar nəzərdə tutulmuşdur. Dəyişikliklərə görə, Apellyasiya Məhkəməsi mübahisəyə şikayət həddində, hüquqi məsələlər və faktlar əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Yenilik ondan ibarətdir ki, Apellyasiya Məhkəməsinin qərarı, əgər şikayət verilməmişdirsə, təqdim olunduğu gündən 1 ay sonra qüvvəyə minir. Hörmətli həmkarlarımın yadındadırsa, təxminən ay yarım bundan əvvəl biz həmin müddəanı Mülki-Prosessual Məcəlləyə də daxil etdik.
Digər bir yenilik ondan ibarətdir ki, apellyasiya şikayəti daxil olduqdan sonra həm birinci instansiya məhkəməsinin, həm də Apellyasiya Məhkəməsinin şikayətlə bağlı davranışı dəqiq müəyyən olunur. Birinci instansiya məhkəməsi şikayətlə bağlı formal tələblərə əməl olunmasını, Apellyasiya Məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Yoxlanılması nəzərdə tutulan məsələlərin dairəsi layihədə dəqiq müəyyən olunmuşdur.
Sonuncu qayda kassasiya instansiyasında icraatla bağlı nəzərdə tutulmuşdur. Hörmətli həmkarlarımın təklifləri nəzərə alınışdır, layihənin 2-ci və 7-ci maddələrində hörmətli Ziyafət Əsgərovun, 8-ci maddəsində yenə Ziyafət müəllimin və İlyas İsmayılovun, 18-ci maddə hörmətli Ülvi Quliyevin, 31-ci maddəsində hörmətli Rövşən Rzayevin təklifi ilə və bir sıra başqa maddələrin mətnlərində müvafiq dəyişikliklər edilmiş və dəqiqləşdirmələr aparılmışdır.
Hörmətli həmkarlar, mən yalnız layihənin məruz qaldığı prinsipial dəyişiklikləri qeyd etdim. Layihənin dili, üslubu ilə bağlı bir sıra dəyişikliklər də edilmişdir. Bütün bunları sadalayıb sizi yormaq istəmirəm. Hesab edirəm ki, müzakirəyə təqdim olunmuş İnzibati Prosessual Məcəllənin layihəsi üçüncü oxunuşda qəbul olunmaq üçün tam hazırdır. Əlbəttə, mən bu layihənin mükəmməl və qüsursuz olduğunu iddia etmək fikrində deyiləm. Əslində, belə olması mümkün də deyil. Biz, sadəcə, məcəllənin mükəmməl olmasına çalışmışıq. Ancaq hər bir halda bu məcəllənin bütün neqativ və pozitiv cəhətləri onun tətbiqi prosesində, yəni məhkəmə təcrübəsində meydana çıxacaq. Qanunvericiliyin təkmilləşdirilməsi üçün ən yaxşı vasitə təcrübə, xüsusən də məhkəmə təcrübəsidir. Belə bir təcrübənin yaranması üçün də biz əvvəlcə bu məcəlləni qəbul etməliyik. Ona görə də mən sizi, hörmətli həmkarlarımı Azərbaycan Respublikasının ilk İnzibati Prosessual Məcəlləsinin qəbuluna səs verməyə çağırıram.
Hörmətli həmkarlar, icazə verin, çıxışımın sonunda bu layihənin hazırlanmasında işçi qrupu ilə sıx əməkdaşlıq etmiş, işçi qrupuna dəstək vermiş Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinə və onun bütün ekspertlərinə, o cümlədən bu iclasda iştirak edən cənab Folker Ellenberqə öz adımdan və sizin adınızdan minnətdarlığımı bildirim. Eyni zamanda, bu məcəllənin hazırlanmasına böyük əmək sərf etmiş işçi qrupunun bütün üzvlərinə, o cümlədən Səfa Mirzəyevə, Səyyad Kərimova dərin təşəkkürümü bildirim. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Rafael müəllim. Çıxış üçün yazılanlar var. Aydın Həsənov.
A.Həsənov. Ziyafət müəllim, bu layihəni oxumuşuq. Xahiş edirəm, səsə qoyaq.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Həqiqətən, bizim qanunvericilik sistemimizin möhkəmlənməsində və hüquqi dövlət prinsiplərinin bərqərar olmasında, hesab edirəm ki, bu məcəllə müsbət rol oynayacaqdır. Uzun müddətdir, İnzibati Məcəllə qəbul olunmasına baxmayaraq işləmir. İnzibati Prosessual Məcəllənin qəbul olunması vacib idi. Burada bizim üçün də aydın olmayan və bizim qanunvericilik ənənələrimizə bəzi normativ norma və qaydalara uyğun gəlməyən bir çox məsələlər vardır, bu, yenilikdir. Əlbəttə, bizim arzumuz ondan ibarətdir ki, bu qanun işləsin. Niyə görə bunu dedim? Çox təəssüf ki, bəzən çox gözəl qanunlar qəbul olunur, bu qanunlara əməl etmirik. Hesab edək ki, bu qanun onlardan olmayacaq.
Əgər hər şey qanunla həll olunsaydı, hörmətli Ziyafət müəllim, bu gün axırıncı iclasda biz ombudsman məsələsini həll edərdik. Çünki Konstitusiya birmənalı şəkildə bunu tələb edirdi. Sizə də bu haqda sual verəndə, hörmətli Ziyafət müəllim, Siz demişdiniz ki, hər şey qanuna görə olacaq. Mən burada yerdən replika verdim ki, hörmətli Ziyafət müəllim, elə deməyin, sonra baş tutmaz. Söz verib onu yerinə yetirməyəndə məsələyə çox pis baxılır. Mən dediyim sözü təkrarlayıram ki, siz ondan çıxdınız.
Sədrlik edən. Siz nəyi nəzərdə tutursunuz, mən başa düşmədim? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.27 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: qəbul edildi

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Bədən tərbiyəsi və idman haqqında qanun layihəsi barədədir. Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, bu ilin növbədənkənar yaz sessiyası Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb edən bir neçə qanunun qəbul edilməsi ilə yadda qalacaqdır. Müvafiq komitələr tərəfindən hazırlanmış Təhsil Qanunu, İnzibati Prosessual və Mənzil məcəllələri, digər layihələr, əlavələr və dəyişikliklər hökumət, cəmiyyət, təhsil, ictimaiyyət və Milli Məclisin birgə müzakirələrinin səmərəli nəticəsi olaraq qəbul edildi. İnsanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılmasının ən vacib qollarından biri də məhz onların sağlamlığının qorunmasıdır. Bu baxımdan növbədənkənar sessiyanın bu iclasına üçüncü oxunuşda müzakirənizə çıxarılan Bədən tərbiyəsi və idman haqqında qanun layihəsi də çox önəmli və lazımlı sənəddir.
Fürsətdən istifadə edib yaz sessiyasında bütövlükdə qəbul edilən çox əhəmiyyətli qanunlara və əsasən, müzakirə etdiyimiz bu qanunun hərtərəfli hazırlanmasına və qısa müddətdə üçüncü oxunuşa çıxarılmasına yaratdığı şəraitə və dəstəyə görə mən Milli Məclisimizin Sədri cənab Oqtay Əsədova minnətdarlığımı bildirmək istəyirəm.
Qanun layihəsi Milli Məclisin Sosial siyasət komitəsində, müvafiq qanunvericilik şöbəsində idman ictimaiyyətinin iştirakı ilə dəfələrlə müzakirə olunmuş, cəmiyyətin və deputat həmkarlarımın təklif və mülahizələrinin layihədə öz əksini tapması üçün bütün işlər tərəfimizdən görülmüşdür. Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat həmkarlarım hörmətli Valeh Ələsgərov, Nizami Məmmədov, Fazil Mustafayev, Elmira Axundova, Adil Əliyev, Siyavuş Novruzov, Eyvaz Qurbanov çıxış edərək bir sıra məsələlərə komitənin diqqətini cəlb etmiş, layihənin daha təkmil qəbul olunması üçün özlərinin çox əhəmiyyətli fikirlərini söyləmişlər.
Düzəlişlərin bəziləri haqqında sizi məlumatlandırmaq istəyirəm. Hörmətli həmkarımız Fazil Mustafayev iki təklif vermişdi. Birinci təklifi 6-cı maddəyə dəyişiklik edilməsi, digəri isə 3-cü maddədən bəzi müddəaların 4-cü maddəyə keçirilməsi ilə bağlı idi. Bunların ikisi də qanun layihəsinin yaxşılaşdırılmasında əhəmiyyət kəsb elədiyindən hər ikisi qəbul olunub. Təklifləri ümumiləşdirərək deyim ki, həmkarlarım Siyavuş Novruzovun və Adil Əliyevin mülahizələri nəzərə alınaraq idmançılara güzəştlərin və imtiyazların verilməsi və bununla bağlı məsələlər bu qanunun predmeti olmadığı üçün qanunda öz əksini tapması məqsədəmüvafiq hesab olunmadı. Bu cür sosial müdafiə tədbirləri ardıcıl olaraq möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılır.
Oqtay müəllim, mən bir məsələni xüsusi vurğulamaq istəyirəm. Parlamentin son dövrlərdəki təcrübəsində icra strukturları ilə əməkdaşlığı xüsusi yer almışdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının qanun yaradıcılığına cəlb olunması özünün müsbət nəticələrini verir. Məhz buna görədir ki, hörmətli gənclər və idman nazirimiz Azad Rəhimov qanun layihəsinin hazırlanmasında bilavasitə özü iştirak etmiş, fikirlərini söyləmiş, icra vaxtı ortaya çıxa bilən problemlərin vaxtında həll olunmasına yaxından kömək etmişdir. Ona minnətdaram ki, bu gün də layihənin müzakirəsində iştirak edir.
Bir fikri də səsləndirmək istəyirəm. Deputat həmkarımız Eyvaz Qurbanovun, əgər yadınızdadırsa, çıxışında bir neçə dəfə idmanın maliyyələşdirilməsinin bir sıra mənbələri göstərildi. Bunlardan biri idman lotereyası idi. Eyni zamanda, fikir səsləndi ki, bu da “mərc idmanı” deyilən bir məsələdir. Biz qanun layihəsində idmanın maliyyələşdirilməsinin iki əlavə mənbəyini də göstərdik. Bu da müzakirədə iştirak edənlər tərəfindən yüksək qiymətləndirildi və qanun layihəsində öz əksini tapdı. Layihədə respublika idman federasiyalarının tanınması ilə bağlı bir sıra dəqiqləşdirilmələr aparıldı ki, bu da qanunun daha işlək olmasına xidmət eləyəcək.
Hörmətli millət vəkilləri, həmkarlarım, sizi qanun layihəsinə səs verməyə çağırıram. Ümidvaram ki, bu sənədi dəstəkləyəcəksiniz və ölkəmizin idman həyatının daha da inkişaf etdirilməsinə öz töhfənizi verəcəksiniz. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Qanun layihəsinin hətta ikinci oxunuşunda qeyd etdik ki, müvafiq düzəlişlər ediləndən sonra elə üçüncü oxunuşda da qəbul edilə bilər. Hörmətli Hadi müəllim də məlumat verdi ki, hansı əlavə və düzəlişlər olunub. Ümumiyyətlə, idman haqqında qanunun qəbul olunması çox vacibdir və Azərbaycanda idmanın inkişafına daha böyük təkan verəcək. Azərbaycanda idmana, idmançılara daim diqqət və qayğı göstərilir. İdman dünyada milləti və dövləti təmsil edir. Mən hesab edirəm ki, idmana qayğı daha da artırılmalıdır. İdmana Azərbaycan Prezidenti tərəfindən daim diqqət və qayğı göstərilir. Olimpiya komplekslərinin, ayrı-ayrı idman məktəblərinin tikilməsi, xüsusi federasiyaların yaradılması və inkişafı bunun göstəricisidir. Hesab edirəm, qanunun qəbulundan sonra bu məsələ daha təkmil formada öz həllini tapacaq.
Təbii, üçüncü oxunuşda nöqtə-vergül düzəlişi etmək lazımdır. Burada düzəlişə ehtiyac olmur. Amma hər halda bir neçə fikrimi qeyd etmək istərdim ki, bunlar gələcəkdə nəzərə alınsın. Düzdür, bu nə Milli Olimpiya Komitəsinə, nə də Gənclər və İdman Nazirliyinə aiddir, xüsusi federasiyalara aid məsələdir. Bu gün Azərbaycanda federasiyalar tərəfindən idmanın inkişafına böyük dəstək və qayğı göstərilir. Mən futbolla əlaqədar onu deyə bilərəm ki, Azərbaycanda futbolla bağlı mütəmadi çox yaxşı işlər aparılır, Milli Məclisin üzvləri də bu məsələlərə cəlb olunmuşlar, iştirak edirlər. Bu mərhələ bizdə yeni yetişir. Bəzən ayrı-ayrı federasiyalarda legionerlərin sayı Azərbaycan idmançılarının sayından da artıqdır.
Bundan qabaq qeyri-hökumət təşkilatları ilə bağlı bir yaxşı qanun qəbul etdik. Həmin qanuna görə xarici nümayəndəliklərin rəhbərlərinin müavini azərbaycanlı olmalıdır. Mən hesab edirəm ki, idmanda da bu sahəyə diqqət yetirmək lazımdır. Təbii ki, onlar hamısı Futbol Federasiyasına tabe olan şəxslər deyildirlər. Hərənin bir klubu var, gedib bir oyunçu gətirir, yanında hətta videoçəkəni də olur, həmin idmançı da öz şərtlərini irəli sürür. Amma yerli idmançıların inkişafına xidmət etmək lazımdır, onlara diqqət göstərmək lazımdır. Uzun illər Azərbaycanda istər futbolda, istərsə də ayrı-ayrı sahələrdə kifayət qədər yetişmiş məşqçilər, idmançılar var və onlar yerli psixologiyanı, digər məsələləri yaxşı bilirlər. Təbii ki, həmin federasiyalar haradansa məşqçi də, dəsmal yelləyən də gətirə bilərlər, amma hər halda azərbaycanlının da hüququnu qorumalıyıq. Bu, məsələnin birinci tərəfi.
İkinci, bəzi idman növləri Azərbaycanın adı ilə bağlıdır və Azərbaycanın milli idman növü hesab olunur. Burada isə bilirəm ki, legionerə o qədər də ehtiyac yoxdur. Burada idmançıları azərbaycanlıların içərisindən seçmək və inkişaf etdirmək lazımdır. Mən güləşi misal üçün göstərə bilərəm. Düzdür, bizim klassik güləş üzrə olimpiya çempionlarımız da oldu. Sərbəst güləş və digər güləş növləri üzrə bu yaxınlarda İranda keçirilən dünya birinciliyində xüsusi yerlər qazandılar. Avropa çempionatında da güləşçilərimiz xüsusi yerlər götürdülər. Amma mən siyahıya baxanda görürəm ki, 9 medal alanın səkkizi dağıstanlıdır. Mən bir azərbaycanlı kimi xəcalət çəkdim, çünki güləş Azərbaycanın milli idman növüdür və biz hamımız bununla məşğul olmuşuq. Yenə deyirəm, futbol, başqa-başqa idman növləri, məsələn, dağda xizək sürmək azərbaycanlının peşəsi deyil, bu sahədə onlar məşğul ola bilməzlər. Amma elə idman növləri var ki, Azərbaycanla bağlıdır və mütəmadi olaraq Azərbaycandan bu növlər üzrə məşqçiləri başqa ölkələrə aparırlar.
Mənim yadımdadır, Çin Xalq Respublikasının idman naziri buraya gələndə dedi ki, biz olimpiya oyunları keçirilən zaman sizin bu sahələr üzrə məşqçilərinizi dəvət etmək istəyirik. Sərbəst güləş və güləşin digər növləri üzrə sizdə bu elm yaranıb. Təsəvvür edin, həmin güləşçiləri Azərbaycanın idman məktəblərində yetişdirməliyik. Bu gün Azərbaycanın müxtəlif regionlarından – Lənkərandan, Balakəndən, Naxçıvandan, Qazaxdan, Yardımlıdan, Gədəbəydən həm fiziki cəhətdən, həm də hazırlıq cəhətdən elə idmançılar var ki, bunları mərhələ-mərhələ yetişdirib yüksək səviyyəyə çatdırmaq lazımdır. Bu iş bir gündə baş tuta bilməz. Mən hesab edirəm ki, bizim qanunun əsas məqsədlərindən biri bu olmalıdır. Burada azərbaycanlıların hüquqları birinci növbədə müdafiə olunmalıdır. Qalan məsələlər burada öz əksini tapıb. Müəyyən düzəlişlər edilib. Üçüncü oxunuş olduğuna görə əlavə fikirlərinizi qeyd elədik. Mən bütün həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Şübhəsiz ki, bu barədə fikirlər demişdik, amma bir daha sizin diqqətinizi qanun layihəsinin adına yönəltmək istərdik. Ümumiyyətlə, bütün dillərdə bu, “fiziki tərbiyə” kimi gedir. Əgər biz də bu termini qəbul etsək, məncə, qanunumuz yeni, pozitiv bir impuls ala bilər. Hətta orta məktəblərdə belə bu fənnin adı “fiziki tərbiyə” yazılır.
İkinci deyəcəyim məsələ budur ki, indiki mərhələni Azərbaycanda idmanın, belə demək mümkünsə, ikinci nəfəsinin açılması mərhələsi kimi qiymətləndirmək olar. Əgər biz olimpiya oyunlarında medalların qazanılması ilə bağlı müəyyən cəhdlər göstərirdiksə, artıq bu gün ölkə Prezidenti İlham Əliyevin apardığı siyasət ona yönəlmişdir ki, Azərbaycanda kütləvi idman yüksək inkişaf nöqtəsinə gəlib çatsın. Amma burada, məncə, hər iki tərəfdən asılı olacaq bir problem yaranır. Bu da ondan ibarətdir ki, kifayət qədər vəsaitləri olmayan valideynlər öz uşaqlarını kütləvi idmanın hər hansı bir növü ilə məşğul olmaq üçün idman obyektlərinə göndərə bilmirlər.
Hər kəsə aydındır ki, bu gün əksər federasiyaların nəzdində olan idman qurğularında yerləşən müxtəlif seksiyalarda idman ilə məşğul olmaq üçün müəyyən vəsait ödəmək lazımdır. Əslində, siz yaxşı bilirsiniz, tikilmiş bütün olimpiya mərkəzlərində əsas məqsəd ondan ibarətdir ki, gənclər, uşaqlar idmanın bütün növləri ilə kütləvi surətdə məşğul olsunlar. Amma bu sualla müxtəlif idman obyektlərinə müraciət edərkən, onlar çox yüksək kommunikasiya xərclərini, işıq, su və digər xərcləri, eyni zamanda, vergi ilə bağlı müəyyən iddiaları irəli qoyurlar. Mənə belə gəlir ki, bu iddialar əsassız deyil. Biz bu məsələlərlə bağlı müəyyən məqamlarda hər hansı bir yeni qərar çıxara bilərik. Aydın məsələdir ki, bu miqyasda idman obyektləri inşa etdiririksə, cənab Prezidentin yürütdüyü siyasətin məntiqi davamı olaraq bu fikirləri dəstəkləyiriksə, şübhəsiz, aztəminatlı ailələrdən olan uşaqların, gənclərin idmanla məşğul olması üçün şərait yaratmaq məcburiyyətindəyik. Çox istərdim ki, biz bu məsələlərə yenidən baxaq və kütləvi idmanla məşğul olmaq üçün aztəminatlı ailələrdən olan uşaqlar və gənclər üçün şərait yaradılmasını idman komplekslərindən tələb edə bilək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin üçüncü oxunuşudur, layihəni səsə qoyacağıq. Bu gün biz Gənclər və İdman Nazirliyinə, idman cəmiyyətinə belə bir qanun qəbul etməklə böyük bir töhfə veririk. Bu gün Milli Məclisin iclasında gənclər və idman naziri iştirak edir, ona da söz verək. Azad Rəhimov, buyurun.
A. Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, ölkəmizdə bədən tərbiyəsi və idmanın idarə olunması və gələcək inkişafının qanuni əsaslarını tənzimləyən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilk dəfə 1997-ci ildə qəbul olunmuşdur. Keçən müddət ərzində Azərbaycanda demokratik bir cəmiyyət formalaşmış, ölkəmiz gündən-günə inkişaf edən, bütün sahələrdə uğurlar qazanan bir ölkə kimi tanınmışdır. Ölkəmizdə idmana olan böyük maraq və beynəlxalq idman aləmində baş verən yeniliklər idmanla bağlı qanunvericiliyin təkmilləşdirilməsini zəruri etmişdir.
Azərbaycanın dünyada tanınması və onun haqqında müsbət imicin formalaşmasında bədən tərbiyəsi və idman böyük rol oynayır. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətin idman siyasəti bu gün ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və daha geniş formada həyata keçirilir. İldən-ilə Azərbaycanın idman potensialı güclənir. İdman sahəsində böyük irəliləyiş var və bu gün də bunu görmək, bilmək üçün, sadəcə olaraq, statistik göstəricilərə nəzər salmaq kifayətdir. Bu rəqəmlər barədə dəfələrlə bizim tədbirlər zamanı nazirliyin hesabatında ətraflı məlumat verilmişdi və ona görə də hörmətli millət vəkillərinin vaxtını almaq istəmirəm. İldən-ilə idmanın və nailiyyətlərin inkişaf dinamikası onu göstərir ki, bizim idmançılarımızın uğurları təsadüfi xarakter daşımır. Bu, cənab Prezidentin uzaqgörən və məqsədyönlü idman siyasətinin nəticəsidir. Qürurla demək olar ki, bu gün Azərbaycanda idmanın kütləvi şəkildə inkişafı müşahidə olunur.
Hörmətli millət vəkilləri, bədən tərbiyəsi və idmana olan diqqət və qayğı, cəmiyyətin bu sahəyə marağının artması, idman sahəsində qarşıda duran vəzifələri, gələcəkdə bu sahədə fəaliyyətin daha da genişləndirilməsi və bu kimi amillər Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası qanununun yeni layihəsinin hazırlanmasını zəruri etmişdir. Biz bu zərurəti sosial sifariş kimi də qəbul edə bilərik, çünki idman Azərbaycanın ictimai həyatının mühüm hissəsinə çevrilir. İdmançılarımızın yüksək nəticələr göstərməsi gənclərimizin idmana olan marağının daha da artmasına səbəb olur. Cəmiyyətimizdə idmançılara müsbət münasibət, böyük hörmət var. Çünki hər bir idmançımız qalib gələrkən Azərbaycan bayrağının yüksəklərə qaldırılması, Azərbaycanın Dövlət himninin səsləndirilməsi bizim hər birimizin, cəmiyyətin, dövlətin qələbəsidir. İnanırıq ki, yeni qanunun qəbul olunması ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına xidmət edəcək, Azərbaycan idmanının tarixində yeni bir mərhələnin başlamasına start veriləcəkdir. Fürsətdən istifadə edib mən nazirliyin, bütün idmançıların, idman ictimaiyyətinin adından parlamentin rəhbərliyinə, Sosial siyasət komitəsinə, o cümlədən bütün millət vəkillərinə dərin minnətdarlığımı və ən xoş arzularımı bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İndi qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.46 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qanun qəbul edildi, təbrik edirəm.
Gündəliyin növbəti məsələsi Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Respublikası Hökuməti arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair Kredit Sazişinin təsdiq edilməsi barədədir. Valeh Ələsgərov, buyurun.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq məktubu ilə 2009-cu il mayın 29-da Bakı şəhərində imzalanmış Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Respublikası Hökuməti arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsinə” dair Kredit Sazişi və bu Kredit Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi Milli Məclisə təqdim edilib.
Adları çəkilən Kredit Sazişi və müvafiq qanun layihəsi bizim komitədə müzakirə olunandan sonra sizin müzakirənizə təqdim etmək tövsiyəsi verilib. Əminəm ki, həm Kredit Sazişi, həm də qanun layihəsi deputatlar tərəfindən dəstəklənəcək və təsdiq ediləcəkdir. Kredit Sazişinin tərəfləri, dediyim kimi, bir tərəfdən borc verən qismində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi dövlət təşkilatı, o biri tərəfdən borc alan qismində Azərbaycan Respublikası Hökumətidir. Kreditin məbləği və məqsədi sazişin şərtləri və müddəalarına uyğun şəkildə 32 milyard 851 milyon yapon yeni məbləğindən artıq olmayan vəsait Kredit Sazişinin 1-ci Əlavəsində təsvir olunmuş layihənin həyata keçirilməsinə ayrılır. Bugünkü kursla götürsək, 32 milyard 851 milyon yapon yeni 343-345 milyon dollara yaxın olar.
Sazişin 1-ci Əlavəsində göstərildiyi kimi, Şirvan, Salyan, Neftçala, Xaçmaz, Bərdə, Yevlax, Xızı, Qusar, Qobustan və Naftalan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yüksək standartlara uyğun şəkildə təkmilləşdirilməsi nəzərdə tutulur və adları çəkilən şəhərlərin əhalisi üçün müasir yaşayış mühitinin təmin edilməsi məqsədi daşıyır. Layihəni icra edən icraçı agentlik qismində Azərbaycanda “Azərsu” Səhmdar Cəmiyyəti müəyyən edilib. Ayrılan kredit vəsaitləri Kredit Sazişinin qüvvəyə minmə tarixindən başlayaraq 8 il ərzində istifadə oluna bilər. Əgər bu müddət ərzində tərəflər arasında öncədən razılaşdırılmamış səbəbdən ayrılmış kreditin hər hansı bir hissəsi istifadə olunmayıbsa, kreditin qalan hissəsinin istifadəsi dayandırıla bilər.
Sazişin şərtlərinə görə borcalan kredit vəsaitlərini sazişin 2-ci Əlavəsində göstərilmiş vəsaitlərin bölüşdürülməsinə müvafiq olaraq layihənin həyata keçirilməsi üçün zəruri olan mallar və xidmətlərin münasib mənbə ölkələrdən olan təchizatçı, podratçı, məsləhətçi, sazişdə “kollektiv olaraq təchizatçılar” adlandırılan qurumlardan beynəlxalq standartlara uyğun şəffaf şəkildə keçirilən satınalmalar üçün istifadə etməlidir.
Borcun qaytarılması, faizlər və öhdəlik haqqı. Əsas borcun qaytarılması Kredit Sazişinin 3-cü Əlavəsində əksini tapmışdır, uzunmüddətli amortizasiya qrafikinə müvafiq olaraq həyata keçirilməlidir. Bir daha xatırladım ki, əsas borcalan kateqoriyasından, təyinatından, statusundan asılı olaraq borcların bir hissəsi 2019-cu ilin 10 martından başlayaraq 2039-cu ilin 20 mart tarixinə qədər 40 bərabər hissələrlə qaytarılır. Bir hissəsi isə 2019-cu ilin 20 mart tarixindən başlayaraq 2049-cu ilin 20 mart tarixinə qədər 60 bərabər hissələrlə qaytarılmalıdır. Verilən kreditin üstünə gələn faiz dərəcələri və onların ödənilməsi prosedurları, üsulları II maddənin 2-ci bölməsində göstərilmişdir. Yəqin ki, bunları xırda-xırda izah etməyə ehtiyac yoxdur. Ancaq nəzərinizə çatdırım ki, kreditin təyinatından, kateqoriyasından asılı olaraq bu kredit vəsaitlərinə tətbiq edilən faizlər ardıcıl olaraq illik 1,4 faiz, 0,65 faiz və 0,001 faiz dərəcəsində ödənilməlidir. Bu faiz dərəcələrinin nə qədər əlverişli olduğunu izah etməyə, yəqin ki, heç bir ehtiyac yoxdur.
Öhdəlik haqqı, onun faiz dərəcəsi, ödəmə şərtləri və üsulu II maddənin 3-cü bölməsində izah edilib. Yazılanlara yeganə bir əlavə etmək istərdim ki, öhdəlik haqqının ödənilməsi məcburi deyil. Ayrılmış kreditin borcalan tərəfindən istifadə olunmamış hissəsinə tətbiq edilir, bunun da faiz dərəcəsi illik 0,1 faizdir. Məqsəd də aydındır. Layihənin vaxtında həyata keçirilməsinin, kreditin ayrılmış hissəsinin razılaşdırılmış zaman çərçivəsində istifadəsinin təmin və təşviq edilməsidir. Sazişdə kredit vəsaitlərinin istifadə prosedurları, qaydaları, kreditin inzibati idarə edilməsi məsələləri, satınalma qaydaları göstərilmişdir. Misal üçün, 4-cü Əlavəyə baxsanız, satınalma qaydaları çox geniş və dəqiq şəkildə izah edilibdir və onların şəffaflığının təmin edilməsi qaydaları və prosedurları çox geniş şəkildə sazişdə əks etdirilibdir.
Ehtiyac duyularsa, bunları və başqa məsələləri xırda-xırda dəqiq izah etmək olar. Ancaq bu cür sazişlərlə tanış olan hər bir şəxs təsdiq edə bilər ki, həmin məsələlərin hamısı belə sazişlər üçün standartlaşdırılmış şəkildə yazılıb. Bu da təbiidir. Səbəbi də ondan ibarətdir ki, Kredit Sazişinə tətbiq olunan əsas şərt və müddəalar Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin kreditlərinə dair 2008-ci il oktyabr nəşrli ümumi şərt və müddəalarına mütləq şəkildə uyğun olmalıdır. Bu tələb mütləq şəkildə tətbiq edilən tələbdir.
Əvvəllər Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin funksiyalarını yerinə yetirən Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının bu gün də qüvvədə olan 1999-cu il oktyabr nəşrli təlimatlarına uyğun olmalıdır və bunlardan kənara çıxmaq mümkün deyil. Yəqin ki, bundan öncə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Yaponiya Beynəlxalq İqtisadi Əməkdaşlıq Bankının kredit sazişləri ilə tanış olduğunuza görə əlavə nə isə də söyləməyə ehtiyac yoxdur. Ona görə də hesab edirəm ki, bununla mən çıxışımı bitirə bilərəm. Müzakirələrə başlaya bilərik və əminəm ki, həm sazişi, həm də müvafiq qanun layihəsini dəstəkləyib, səs verib təsdiq edəcəyik. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Məjlum Şükürov.
N. Şükürov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli həmkarlar, narahat olmayın, mən qısa danışmağa çalışacağam. Mən, ümumiyyətlə, hesab edirəm ki, bu qanun layihəsi 2009–2013-cü illərin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın məntiqi davamı kimi qiymətləndirilməlidir. Hər bir kiçik rayon mərkəzində məhz su təchizatının, kanalizasiya sisteminin qurulması, hesab edirəm ki, ölkənin ümumi inkişafı ilə bağlı bir məsələdir. Xatırlayırsınız ki, qədim arxeoloji qazıntılar zamanı ən çox bizləri təəccübləndirən məsələlərdən biri də qədim yaşayış məskənlərində kanalizasiya sistemlərinin olmasıdır. Bu, sivilizasiyadan xəbər verir və ölkəmizin hər bir rayon mərkəzində belə bir sistemin qurulması, mənə elə gəlir ki, ölkəmizin həyat səviyyəsinin yüksəlməsinin bir daha göstəricisidir. Ümumiyyətlə, hesab edirəm ki, çox layiqli tərəfdaş seçilmişdir.
Elə bugünkü gündəliyə daxil edilmiş məsələni bir daha xatırlatmaq istəyirəm. Kənd təsərrüfatı ilə, yəni taxıl yığımı ilə bağlı xatırladım ki, Yaponiya hökuməti qrant hesabına hələ 10 il əvvəl Azərbaycan kəndlisinə, torpaq adamına kombaynlar təqdim etmişdi. Burada fikir səsləndi ki, məscidlərlə bir yerdə məktəblər də inşa olunsun. Xatırlatmaq istəyirəm ki, mənim təmsil etdiyim ərazidə Yaponiya səfirliyinin xətti ilə bir neçə məktəb inşa olunmuşdur. Bu nöqteyi-nəzərdən, yəqin, razılaşarsınız ki, tərəfdaş çox düzgün seçilmişdir və etibarlı tərəfdaşdır. Mən arzulayıram ki, bu layihə sürətlə həyata keçirilsin. Analoji bir layihə də 9–10 il bundan əvvəl Almaniya Hökuməti ilə Azərbaycan Hökuməti arasında bağlanmışdır. Səhv etmirəmsə, həmin sazişdə Şəki və Gəncə rayonlarının kanalizasiya sistemi, su təchizatı ilə təmin olunması nəzərdə tutulmuşdu. Bu layihə “Azərbaycan–Almaniya arasında kommunal təsərrüfata təcili yardım layihəsi” adlanır. Təəssüf ki, bu günə kimi həmin layihə həyata keçirilməyib. Arzulayardım ki, bir daha yaddaşlarda təzələnən analoji bir layihənin qəbulu ərəfəsində həmin layihə də bir daha xatırlansın və həyata keçirilsin. Mən bu layihəyə səs verəcəyəm. Bütün həmkarlarımı da ona səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Mən bu barədə çox qısa danışmaq istəyirəm. Şübhəsiz ki, bu cür layihələrin həyata keçirilməsi Azərbaycan vətəndaşı, bizim seçicilərimiz üçün çox vacibdir, xüsusən də aran rayonlarında. Təəssüf ki, Dünya Bankının bu cür layihələrində bizim Sabirabad rayonunun, yəni mənim deputat olduğum rayonun da adı keçir, amma son dövrdə mən Nazirlər Kabinetinin bəzi sənədlərinə baxmışam, nə isə bizim rayonun adı oradan çıxarılıbdır.
Hörmətli deputatlar, bu Kredit Sazişi ilə əlaqəsi olan bir məsələni demək istəyirdim. Bu məsələ Şirvan şəhəri ilə bağlıdır. Bu gün 6-cı gündür, mənə xeyli müraciətlər olub. Hesab edirəm, Azay müəllimə də belə müraciətlər olubdur. Amma mənə də oraya yaxın yerdə yaşayan bir deputat kimi tanıdığım adamlar tərəfindən xeyli müraciətlər olubdur. 6 gündür, Şirvan şəhərində su yoxdur, çox fövqəladə bir vəziyyət yaranıbdır. Mən niyə konkret bu məsələ ilə bağlı danışdım? Orada icra hakimiyyətində olublar, sonra su idarəsində olublar, Bakı ilə əlaqə saxlayıblar. Orada deyiblər ki, bəs Yaponiya ilə bağlanacaq sazişlə əlaqədar layihə işə salınandan sonra vəziyyət düzələcək.
İndi Valeh müəllim çox yaxşı bir məruzə etdi, təqdimat verdi. Biz də hamımız arzulayırıq ki, bu layihə tez, vaxtında, qrafikə uyğun həyata keçirilsin. Amma bu məsələ aylar, illər tələb edən bir məsələdir. Mən çox xahiş edirəm ki, “Azərsu” Səhmdar Cəmiyyəti təcili Şirvan şəhərindəki içməli su probleminə müdaxilə etsin və əhalinin su ilə təmin olunması üçün tədbir görülsün. Təşəkkür edirəm.
Sədrlik edən. Azay Quliyev, sualınız var?
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən çıxışa yazılmadım, ona görə ki, sualım çox qısadır. Həqiqətən də, Şirvan şəhərinin su təchizatı çox bərbad vəziyyətdədir. Bilirsiniz ki, hər il hökumətin hesabatı təqdim olunanda mən həmin şəhərin deputatı kimi bu barədə məsələ qaldırmışam. Cənab Sədr, əgər xatırlayırsınızsa, Sizinlə də bununla bağlı ümumi bir müzakirəmiz olub. Məsələ bundadır ki, bütün şəhər gözünü dikib bu Yaponiya ilə imzalanacaq sazişə və bu sazişdən irəli gələn öhdəliklərin həllinə. Bununla bağlı “Azərsu” Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə də bizim müzakirəmiz olub. Orada bizə bildirilib ki, Şirvan şəhəri bu siyahıda birinci yerdədir. İndi mən bilmək istəyirəm ki, bizim təsdiq edəcəyimiz bu Kredit Sazişi həmin məsələni əhatə edir, ya yox? Bununla bağlı Valeh müəllimdə hər hansı bir bilgi varmı? Gələcəkdə bu barədə hər hansı bir yenilik gözlənilir, yoxsa yox? Çox sağ olun.
Sədrlik edən. Pənah Hüseyn də dedi ki, bilmir Sabirabad şəhəri həmin siyahıda var, ya yoxdur. Amma Azərbaycanın 61 rayon və şəhəri bu kreditlərlə əhatə olunub. Bu məqsədlə həm Dünya Bankından, həm Yaponiya İnkişaf Agentliyindən, həm də Asiya Bankından kreditlər alınacaqdır. Bu kreditlər hamısı artıq yavaş-yavaş işləməyə başlayacaq. Həmin kredit layihələri hansı şəhərləri əhatə edirsə, həmin şəhərlərin su və kanalizasiya sistemləri yenidən qurulacaqdır. Bu layihələr həyata keçiriləndə vəziyyət tamamilə dəyişəcəkdir. Bilirsiniz ki, Azərbaycanın rayon və şəhərlərində su, kanalizasiya sistemləri çoxdan qurulmuş sistemlərdir. Səhv etmirəmsə, Valeh müəllim, bu rayon və şəhərlərin su və kanalizasiya sistemlərinin qaydaya salınması üçün 1 milyard 200 milyona qədər də vəsait tələb olunurdu. Artıq dövlət tərəfindən müqavilələr bağlanılır və 3 il ərzində bütün bu məsələlər öz həllini tapacaqdır. Əgər başqa sual yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.02 dəq.)

Lehinə 99
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti iki məsələmiz “Diplomatik xidmətdə fərqlənməyə görə” medalının və “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqındadır. Söz verək Əli Hüseynova, hər iki layihəni təqdim etsin. Amma səsverməni ayrı-ayrı keçirəcəyik. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Həqiqətən də, məsələlər bir-biri ilə sıx bağlıdır. Müstəqil Azərbaycanın orden və medallarının siyahısına 2 yeni medalın əlavə olunması təklif edilir. Hamımız bilirik ki, diplomatik xidmət dövlət qulluğunun xüsusi bir formasıdır. Bu xidmətdə çalışan insanlar, onların fəaliyyətləri bəlkə də bəzi hallarda cəmiyyətimiz üçün çox da açıq olmamasına baxmayaraq, müasir dövrdə də, tarixən də çox əhəmiyyətli və fədakar bir xidmət olub.
Cənab Prezident tərəfindən Diplomatik xidmətdə fərqlənməyə görə medalının təsis edilməsi haqqında qanun layihəsi təqdim olunub. Bu layihə iki hissədən ibarətdir. “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı haqqında Əsasnamə və “Diplomatik xidmətdə fərqlənməyə görə” medalının təsviri də əlavə olunub. Hesab edirəm ki, birinci məsələ ilə millət vəkilləri tanış olublar. Təsvir məlumdur. Ənənəvi olaraq bizim orden və medallarda müstəqil Azərbaycanın atributları – gerb, bayrağımızın rəngi, dövlətçilik rəmzləri öz əksini tapıb. Düşünürəm ki, bu, kifayət qədər uğurla hazırlanmış bir medaldır.
Digər bir layihə də üzvi surətdə əvvəlki layihə ilə bağlıdır. Hamımız bilirik ki, Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda qurulub. Çətin tarixi dövr yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti az zaman çərçivəsində dövlət orqanlarını təsis edib, xarici siyasət həyata keçirib, Azərbaycanın müstəqilliyinin tanınması ilə bağlı fədakar addımlar atıb. Mənim təsəvvürümdə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi yubiley medalının təsis olunması başlıca olaraq Azərbaycan dövlətçiliyinin tarixi, o cümlədən xarici siyasət ənənələrinin daha bir təzahürüdür. Elə bilirəm ki, bu məsələyə dövlətçilik tarixi nöqteyi-nəzərindən yanaşmalıyıq. Yubiley medalı haqqında Əsasnamədə qeyd olunduğu kimi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif olunurlar. Hansı şəxslərin təltif olunması Əsasnamənin 1-ci bəndində konkret olaraq göstərilib. Mən vaxtınızı almaq istəmirəm. Diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən diplomatik xidmət orqanlarının veteranları, o cümlədən Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.
Yubiley medalının təsviri təqdim də olunub. Yubiley medalı olduğuna görə üzərində “90 il” təsvir olunub, eyni zamanda, yenə də Azərbaycanın dövlət atributları – bayraq, onun rəngləri, gerb də var. Bir daha vurğulamaq istəyirəm ki, cənab Sədr, hər iki medalın təsis olunması Azərbaycanın dövlətçilik tarixi ilə sıx bağlıdır və inanıram ki, millət vəkilləri tərəfindən dəstəklənəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çıxış üçün yazılanlar var. Ərəstun Cavadov, buyurun.
Ə. Cavadov. Hörmətli Sədr, hörmətli Milli Məclis üzvləri! Hazırda müzakirəyə çıxarılan Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi ilə əlaqədar olaraq yubiley medalının təsis edilməsi haqqında qanun layihəsi, bildiyimiz kimi, ölkə başçısının təşəbbüsü ilə irəli sürülmüşdür. Hesab edirəm ki, bu qanun layihəsi tamamilə düzgün olaraq irəli sürülmüşdür. Belə ki, diplomatik xidmət orqanlarında çalışmağın özü çox şərəfli işdir. Belə bir medalın təsis edilməsi, öz vəzifələrini nümunəvi yerinə yetirən şəxslərin bununla təltif olunması əhəmiyyəti baxımından çox vacibdir. Hazırda ölkəmiz haqqında xarici dövlətlər qarşısında imicin formalaşması və ölkəmizin beynəlxalq aləmdə daha da yaxından tanınmasında diplomatik korpusun əməkdaşlarının rolu çox böyükdür.
Əlbəttə, bütün bunların həyata keçirilməsində cənab Prezident İlham Əliyevin rolu müstəsna olmuşdur. Məhz onun prezidentliyi dövründə bir çox xarici dövlətlərdə səfirliklərin və konsulluqların açılması həyata keçirilmişdir. Ona görə də bu sahədə çalışan şəxsləri daha da həvəsləndirmək və öz peşə borclarını şərəflə həyata keçirmələrində məsuliyyətlərini artırmaq məqsədilə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi ilə əlaqədar olaraq yubiley medalının təsis edilməsi haqqında qanun layihəsinin qəbul edilməsini çox vacib hesab edirəm və bu layihəni bütünlüklə dəstəkləyirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Təşəkkür edirəm, cənab Sədr. Mənim bir sualım var. Burada “90 il” yazılıb. Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılması tarixi 1919-cu ildən götürülür. Niyə 1919-cu ildən? 1918-ci il may ayının 28-də İstiqlal bəyannaməsinin göndərilməsi ilə diplomatik fəaliyyətə başlanılıbdır. Bundan sonra da Məmməd Həsən Hacınskinin nazir olduğu nazirlik yaradılır. İkinci kabinədə də Məmməd Həsən Hacınski, üçüncü kabinədə yenə də tərkib dəyişir və Əlimərdan bəy Topçubaşov xarici işlər naziri olur. Bunlar hamısı 1918-ci ildə baş verib. Əgər 1919-cu ildən, peşəkar diplomatların işə başlamasından sayırlarsa, məncə, yanlışdır, çünki diplomatik fəaliyyət yalnız kuryer diplomatların fəaliyyəti ilə bağlı deyil. Deyək ki, ölkənin başçısı, parlamentin sədri və digər dövlət məmurları diplomatik fəaliyyətlə məşğul ola bilərlər. Mənim sualım budur. Niyə məhz 1919-cu ildən sayılır? Çox təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Əslində, çox maraqlı bir sualdır. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi hər bir Azərbaycan vətəndaşını olduğu kimi bizi də maraqlandırır, oxuyuruq, öyrənirik. Amma bu layihələr komitəyə daxil olanda məni də ilk maraqlandıran bu oldu. Biz bir sıra yubiley medalları – Azərbaycanın milli təhlükəsizlik orqanlarının, daxili işlər orqanlarının yaradılması ilə bağlı yubiley medalları təsis etmişdik. Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı tədbirlər həyata keçiriləndə bu məsələ, əlbəttə, bizi də maraqlandırdı. Amma sualı, əslində, Nəsib müəllim özü də cavablandırdı. Biz Xarici İşlər Nazirliyi ilə bu məsələni dəqiqləşdirərkən, cavab belə oldu ki, düzdür, artıq Xalq Cümhuriyyəti yarandıqdan sonra müəyyən xarici əlaqələr yaradılmışdı, amma peşəkar xarici siyasətin həyata keçirilməsi məhz 1919-cu ildən başlanılıbdır. Mən, sadəcə, bu məlumatı parlamentin diqqətinə çatdıra bilərəm. Ən başlıcası, məncə, odur ki, bu yubiley medalı təsis olunur və Xalq Cümhuriyyətinin dövrü ilə bağlıdır. Bu qədər, cənab Sədr.
Sədrlik edən. Cəmil müəllimin sözü var. Buyurun, Cəmil Həsənli.
C. Həsənli. Qısa bir məlumat vermək istəyirəm. Əlbəttə, Nəsib müəllimin də sözündə həqiqət var. Bu nazirlik 1918-ci ildə yaradılıbdır, ancaq bu tarixi ona görə 1919-cu ildən götürürlər ki, Oqtay müəllim, 1919-cu ilin iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin, diplomatik xidmətin təşkili haqqında əsasnamə qəbul edilibdir. Bu tarixdən etibarən Xarici İşlər Nazirliyi bir diplomatik xidmət orqanı kimi həmin Əsasnamə ilə fəaliyyət göstərməyə başlayıbdır. Uzun müddət Bakının azad olunması uğrunda mübarizə gedib, Bakıda baş verən müəyyən hadisələrlə bağlı Xarici İşlər Nazirliyinin fəaliyyətini təşkil etmək mümkün olmayıb. Hökumət tərəfindən məhz bu əsasnamə qəbul edildikdən sonra, Xarici İşlər Nazirliyi bir xidmət orqanı kimi geniş fəaliyyətə başladı. 90 illiyin iyulun 9-dan sayılması da bununla bağlıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, “Diplomatik xidmətdə fərqlənməyə görə” medalının təsis edilməsi haqqında qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.13 dəq.)

Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələyə, “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.14 dəq.)

Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti, 11-ci məsələ, Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə buyursun Əhəd Abıyev.
Ə. Abıyev, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Cənab Sədr, təşəkkür edirəm. Hörmətli millət vəkilləri, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən daxili və xarici siyasət nəticəsində dövlətimiz möhkəmlənir, ölkəmiz hərtərəfli inkişaf edir. Davamlı inkişaf kənd rayonlarında yeni iş yerlərinin açılmasına, yerlərdə hökumətin proqram və layihələrinin bərabər səviyyədə həyata keçirilməsinə, qanuni islahatlar regionlardakı inzibati ərazi bölgülərində yeni dəyişikliklərin edilməsinə geniş imkanlar yaradacaqdır.
Təqdim olunan Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsində İsmayıllı rayonunun Qalacıq kənd inzibati ərazi dairəsinin tərkibində mövcud olan yaşayış məntəqələrinin Çəmənli və Elabad kəndləri adlandırılması qərara alınmışdır. Layihədə İstisu, Çayqovuşan və Elabad kəndlərinin Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq mərkəzi İstisu kəndi olmaqla İstisu kənd inzibati ərazi dairəsi yaradılsın. Xanagah kəndinin Qalınçaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Xanagah kənd inzibati ərazi dairəsi yaradılsın. Bizlan və Zərgəran kəndləri Turcan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq mərkəzi Bizlan kəndi olmaqla Bizlan kənd inzibati ərazi dairəsinin yaradılması, eyni zamanda, yeni yaradılan inzibati ərazi dairələrinin Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilməsi nəzərdə tutulur.
Bütövlükdə təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş, bu qanun layihəsinə Toponimiya komissiyasında baxılıb müsbət rəy verilmiş, müvafiq icra və bələdiyyə orqanlarının qərarları ilə təsdiq olunmuşdur. Qanun layihəsinə bizim fəaliyyət göstərdiyimiz Regional məsələlər komitəsinin iclasında baxılmış və Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir. Hörmətli deputat həmkarlarımdan qanun layihəsinin təsdiq olunmasına səs vermələrini xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Başqa sual yoxdursa, xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.17 dəq.)

Lehinə 101
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. Azərbaycan Respublikasının Hacıqabul, Salyan, Sabirabad rayonlarının və Şirvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi barədə buyursun Tahir Rzayev.
T. Rzayev, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təqdim olunan qanun layihəsi Azərbaycan Respublikasının Hacıqabul, Salyan, Sabirabad rayonlarının və Şirvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsini nəzərdə tutur. Bu dəyişikliklər regionların inkişafı, əhalinin artımı, yeni yaşayış məntəqələrinin yaradılması və inzibati ərazi bölgülərinin sərhədlərinin dəqiqləşdirilməsi ilə əlaqədardır. Belə ki, Şirvan şəhər inzibati ərazi vahidi tərkibindəki Şirvan şəhərinin inzibati ərazisindən dövlət mülkiyyətində olan 1166,09 hektar torpaq sahəsi Hacıqabul rayonuna, Hacıqabul rayonunun inzibati ərazisinin dövlət ehtiyat fondundan 2062, 88 hektar torpaq sahəsi isə Şirvan şəhər inzibati ərazi vahidi tərkibindəki Şirvan şəhərinin inzibati ərazisinə verilir. Həmçinin Şirvan şəhərinin inzibati ərazi vahidi tərkibindəki Şirvan şəhərinin inzibati ərazisindən dövlət mülkiyyətində olan 210,35 hektar torpaq sahəsinin Salyan rayonunun Qaraçala kənd inzibati ərazi dairəsi tərkibindəki Bəşirbəyli kəndinə, Salyan rayonunun inzibati ərazisinin dövlət ehtiyat fondundan 981,61 hektar torpaq sahəsinin isə Şirvan şəhər inzibati ərazi vahidi tərkibindəki Şirvan şəhərinin inzibati ərazisinə verilməsi qərara alınmışdır.
Sabirabad rayonunun Minbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Minbaşı kəndinin inzibati ərazisindən 24,21 hektar torpaq sahəsi Şirvan şəhərinin Bayramlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Bayramlı qəsəbəsinə verilir. İnzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə əlaqədar Hacıqabul, Salyan, Sabirabad rayonlarının və Şirvan şəhərinin müvafiq icra və bələdiyyə orqanları tərəfindən lazım olan bütün sənədlər qanunvericiliyə uyğun olaraq toplanmış və razılaşdırılmış, təqdim edilmişdir. Qanun layihəsi Regional məsələlər komitəsinin iclasında müzakirə olunmuş və Milli Məclisə tövsiyə edilmişdir. Xahiş edərdim, qanun layihəsinə səs verəsiniz. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.20 dəq.)

Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Arif Rəhimzadə buyursun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, cənab Sədr. Hörmətli Milli Məclis, təqdim olunan layihədə, əsasən, iki məsələnin həlli nəzərdə tutulur. Bir sıra redaktə xarakterli düzəlişlər də layihəyə daxil edilibdir. Hazırda ərazi vahidlərinin və inzibati ərazi dairələrinin yaradılmasında və ləğv edilməsində, onların statusunun müəyyənləşdirilməsində və bir sıra digər hallarda xəritələrin hazırlanması tələb olunur. Bu xəritələr hazırlanarkən, müvafiq qaydaya görə xəritənin döngə nöqtələri və onların koordinatları müəyyən edilməli və rəqəmlər, koordinatlar xəritədə yerləşdirilməlidir. Belə yanaşma ərazilərin sərhədlərini yüksək dəqiqliklə müəyyən etməyə imkan verir və özünü doğruldur. Lakin bir çox hallarda, ələlxüsus, ərazi xırda olduqda döngə nöqtələrinin koordinatlarını xəritədə yerləşdirmək mümkün olmur. Layihədə nəzərdə tutulur ki, ərazilərin xəritələri mövcud qaydada hazırlanacaq, döngə nöqtələri xəritədə qeyd olunacaq. Lakin onların koordinatları xəritəyə əlavə olunan xüsusi bir siyahıda veriləcəkdir.
Bununla əlaqədar mövcud qanunun 7, 8, 10, 11, 12 və 13-cü maddələrinə müvafiq düzəlişlər edilibdir və məsələnin həlli üçün 13-1-ci maddənin bir maddə kimi əlavə edilməsi təklif olunur. Bu maddədə ərazi vahidləri və inzibati ərazi dairələrinin xəritələrinə dair tələblər irəli sürülür. Dediyim məsələlərin hamısı burada öz əksini tapır.
Layihədə həlli nəzərdə tutulan ikinci məsələ sərhədlərin dəyişdirilməsi, yeni ərazi vahidlərinin yaradılması, ərazi vahidlərinə ad verilməsi, onların adlarının dəyişdirilməsi və digər hallarda yerli əhalinin dəyişikliklərə münasibətinin müəyyən edilməsi ilə əlaqədardır. Qanunun 9.6.4-cü maddəsində nəzərdə tutulur ki, belə hallarda ərazi vahidində yaşayan əhalinin (səsvermə hüququna malik olan şəxslərin sayı göstərilməklə) sayı və onların ümumi yığıncağının qərarı tələb olunur. Gördüyünüz kimi, bu çox qeyri-konkret bir normadır. Təklif olunur ki, bu müddəa daha dəqiq yazılsın. Bu məqsədlə layihədə yeni 13-2-ci maddə verilib. “Vətəndaşların yığıncağına (yığıncaqlarına) dair tələblər” adlanan bu maddədə nəzərdə tutulur ki, “...ərazi vahidləri qeydə alındıqda, birləşdikdə, inzibati tabeliyi dəyişdirildikdə, onlara ad verildikdə və adları dəyişdirildikdə hər bir ərazi vahidinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin müvafiq məsələyə münasibət bildirməsini təmin edən yığıncaq (yığıncaqlar) keçirilir.” Yığıncaqlarda iştirak etmiş vətəndaşların yarısından çoxu məsələnin lehinə səs verdikdə müvafiq qərar qəbul olunur. Qanun layihəsində bir sıra redaktə xarakterli düzəlişlər də var. Qanun layihəsinin əsas mahiyyəti bundan ibarətdir.
Cənab Sədr, etiraz eləmirsinizsə, mən növbəti məsələni də məruzə edərdim, çünki bir-biriləri ilə əlaqədar məsələlərdir. “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsindən söhbət gedir. Bu layihədə də xəritə məsələsi öz əksini tapıbdır. Həmin düzəliş burada da edilir.
Eyni zamanda, bir neçə redaktə xarakterli düzəlişlər var. Ümumiyyətlə, təklif olunur ki, əsasnamənin adı dəyişdirilsin. Əsasnamənin adı çox böyükdür. Təklif olunur ki, “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” əvəzinə “Ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” yazılsın. Burada da bir neçə redaktə xarakterli düzəlişlər var. Təklif olunur ki, ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilməsi və onlara şəhadətnamənin verilməsi qaydası verilsin. Çox konkret, dəqiq göstərilmişdir ki, hansı sənədlər hansı müddətdə, kim tərəfindən təqdim olunacaqdır və necə baxılacaqdır. Eyni zamanda, iki yeni fəsildə Dövlət reyestrinin açıqlığı və bu əsasnamənin pozulmasına görə məsuliyyət göstərilir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Mən çox qısa, həm də sual xarakterli arayış tələb olunan bir məsələ qaldırmaq istəyirəm. 13-2-ci maddənin müddəalarına diqqət edək. Müvafiq qərar qəbul edərkən ərazi vahidinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin müvafiq məsələyə münasibət bildirməsini tələb edən yığıncaq keçirilir. Bunlar bir necə başqa qanunvericilik aktlarında da var. Mən çox istərdim ki, hörmətli hüquqşünaslar buna diqqət etsinlər. Bələdiyyə, yaxud müvafiq icra hakimiyyəti orqanı əhalinin 25-30 faizinin iştirak etdiyi yığıncaq keçirir və beləliklə, müvafiq qərar qəbul olunur. Belə mühüm məsələlər barədə hansısa bir akt qəbul olunmuş sayılır. Bu məsələlərdə 25 faiz kvorum normal kvorumdur.
Mən bunun əleyhinə deyiləm. Amma burada yazılsın ki, ümumi yığıncaq keçirilir. Bu haqda elan verilir və orada yaşayan əhalinin, burada yazıldığı kimi, “ən azı 25 faizini təmin etmək şərti” ilə yox, hamısının müvafiq qaydada xəbərdar edilməsi ilə keçirilən yığıncaq vasitəsilə həll olunur. Xəbəri olub gəlməyən ola bilər. 25 faiz kvorum qərar qəbul etmək üçün səlahiyyətlidir. Bu halda, açığı, məsələ qeyri-müəyyən qalır. Belə bir hal olubdur. Mən bir daha həmin məsələlərin üzərinə qayıtmaq istəmirəm. Bəzi bələdiyyələrdə iclas edərkən bəzi şəxsləri iclasa buraxıblar, çağırmayıblar, dəvət etməyiblər. 25 faizlə qərar qəbul etmək istəyiblər. Bu cür ifadə etmək qüsurludur, mütləq dəyişdirilməlidir.
Sədrlik edən. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən burada qaldırmaq istədiyim məsələ sual xarakterlidir, bunu deməmək də olardı, ancaq bəzi məsələləri diqqətə çatdırmaq istəyirəm. Qanun yazanda ədəbi dil qaydalarına əməl etmək lazımdır. Burada yazılır: “Qalacıq kənd inzibati ərazi dairəsi tərkibində faktiki mövcud olan yaşayış məntəqələri müvafiq olaraq Çəmənli və Elabad kəndləri adlandırılsın”. Yaşayış məntəqələrini kənd hesab etmirlər? Əgər yaşayış məntəqəsidirsə, elə kənddir də. Buradan belə çıxmır ki, yaşayış məntəqəsi hələ kənd deyil, sonra bu kənd adlandırılır. Belə çıxır ki, “Çəmənli və Elabad kəndləri” adları sonradan bu yaşayış məntəqələrinə verilibdir. Buradan çıxan nəticə, məntiq budur.
İkinci tərəfdən, birində yazılır ki, “Şirvan şəhər inzibati ərazi vahidi tərkibindəki Şirvan şəhərinin inzibati ərazisinə verilsin”. Gülməli şeydir. Ərazi vahidi Şirvan şəhərinin inzibati ərazisinə verilsin. Bunun redaktəyə çox ciddi ehtiyacı var.
Arif müəllim dedi, ona Pənah müəllim də münasibət bildirdi, mən də bu fikrə tərəfdaram. Həqiqətən, kəndin adının dəyişdirilməsində kənd əhalisinin iştirakı çox zəruridir. Mümkünsüz şeydir ki, onların iştirakı olmadan bu ad dəyişdirilsin. Düzdür, mütəxəssislər bu kəndin adının dəyişdirilib-dəyişdirilməməsi haqqında fikir yürüdürlər və kənd əhalisinin münasibəti və səsverməsi qüvvəyə minəndən sonra adı dəyişdirilir. Ancaq burada qəribə bir fikir səslənir ki, əhalinin 25 faizinin müvafiq məsələyə münasibət bildirməsini təmin edən yığıncaq keçirilir. 25 faiz dörddə biri deməkdir. Heç yerdə səsvermələrin dörddə biri ilə məsələ həll olunmur. Ən azı əhalinin 51 faizinin, belə çıxır ki, dörddə birinin yox, ikidə birinin iştirakı ilə iclas keçirilməlidir. Bu məsələ də mübahisəlidir. Dörddə biri heç bir zaman səsvermənin həlledici şərti hesab edilmir. Nə üçün bu qanunda həmin məsələ şərt kimi qəbul edilir, mənim üçün aydın deyil. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Arif müəllim, buyurun.
A. Rəhimzadə. Çox sağ olun, cənab Sədr. Yığıncaqların keçirilməsi üçün elan verilməsi ümumi bir qaydadır və bunu xüsusi yazmağa heç bir ehtiyac yoxdur. Haradasa bir yığıncaq keçiriləndə, insanların rəyini öyrənmək istəyəndə mütləq elan da olur, xəbərdarlıq da edilir və insanlar gəlirlər.
Yaşayış məntəqəsi məsələsi qaldırıldı. O yerdə ki insanlar yaşayırlar, ora yaşayış məntəqəsidir. Bura kənd də, şəhər də, qəsəbə də ola bilər. Hələ həmin yaşayış məntəqəsinin statusu müəyyən edilməyibdir. Onun heç adı da yoxdur. Bir kənddən ayrılıb, əhali orada ev tikib, hazırda orada yaşayış məntəqəsi var. Bunun “yaşayış məntəqəsi” kimi yazılması, hesab edirəm, tamamilə düzdür.
Burada məsələ qaldırıldı ki, 25 faiz azdır. Burada yazılıb: “ən azı 25 faiz”. Parlament, Prezident seçkilərinə də bu qayda şamil edilir. Ümumiyyətlə, Azərbaycanda bütün seçkilərdə nəzərdə tutulan hədd azı 25 faizdir. Seçkilərdə iştirak edənlərin ən azı 50 faizindən çoxu səs verdikdə qərar qəbul edilmiş hesab olunur.
İnzibati əraziyə verilməsi o deməkdir ki, Şirvan şəhərinə aidiyyəti olmayan bir ərazi, qəsəbə Şirvan şəhərinin inzibati ərazisinə aid ediləcək. Bu belə də yazılmalıdır. Ancaq siz düz deyirsiniz, “mövcud”, “faktiki olan” sözləri yazılır, ştamp kimi düşüb, bunu işçi qaydasında düzəldərik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, məsələyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.34 dəq.)

Lehinə 100
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Xahiş edirəm, 13-cü məsələyə də münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.34 dəq.)

Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilməsi barədədir. Ziyad Səmədzadə buyursun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə aşağıdakı dəyişikliyin edilməsi təklif olunur. Bu dəyişikliyi təqdim etməmişdən əvvəl demək istəyirəm ki, Azərbaycanda sahibkarlıq son illərdə ölkənin iqtisadi inkişafının strateji resursuna çevrilmişdir. Sahibkarlıq fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində qanunvericilik bazası möhkəmləndirilmişdir. Görülmüş bütün tədbirlər nəticəsində respublikanın dinamik və keyfiyyətli inkişafında sahibkarlığın rolu artır.
“Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun qəbul edildiyi müddətdən xeyli vaxt keçmişdir. Bu dövr ərzində Azərbaycanın iqtisadi gücü artmış, ölkənin daxili maliyyə resursları daha da yüksəlmiş və milli sahibkarlıq sinfi formalaşmışdır. Sahibkarlığın ölkə iqtisadiyyatında rolunun daha da artırılması, onun milli maraqlarla daha düzgün əlaqələndirilməsi ilə bağlı olaraq “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinə 3-cü bənd əlavə edilir. Həmin bəndi millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm. Belə bir bənd əlavə olunur: “Təsisçiləri xarici vətəndaşlar və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizindən çoxunun xarici vətəndaşlara və ya xarici hüquqi şəxslərə məxsus olan xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan vətəndaşları olmalıdır və onların namizədlikləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Həmin filial və nümayəndəliklərin dövlət qeydiyyatına alınmasına yalnız onların rəhbərlərinin müavinlərinin namizədlikləri razılaşdırıldıqdan sonra yol verilir.
Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı, balıqçılıq, balıq yetişdirmə, mədənçıxarma sənayesi, emal sənayesi, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, tikinti və topdan və pərakəndə satış, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, mehmanxana və restoranlara xidmətin göstərilməsi, nəqliyyat, anbar təsərrüfatı, rabitə, maliyyə fəaliyyəti, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, təhsil, səhiyyə və sosial xidmətlərin göstərilməsi, habelə digər kommunal və sosial şəxsi xidmətlərin göstərilməsi sahələrində fəaliyyət və təsisçiləri xarici vətəndaşlar və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizindən çoxunun xarici vətəndaşlara və ya xarici hüquqi şəxslərə məxsus olan xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin işçilərinin ən azı 90 faizi Azərbaycan Respublikasının vətəndaşları olmalıdır.”
İqtisadi siyasət komitəsində də bu məsələ müzakirə olunanda bildirildi ki, qanuna belə bir dəyişikliyin edilməsi Azərbaycanın milli maraqlarına cavab verir, ölkənin iqtisadi təhlükəsizliyinə, eyni zamanda, ölkədə məşğulluq siyasətinin daha uğurla həyata keçirilməsinə imkan verəcəkdir. Millət vəkillərindən bu dəyişikliyə müsbət münasibət bəsləmələrini xahiş edərdim.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Xanhüseyn müəllim, sualınız var? Buyurun.
X. Kazımlı. Bu layihəni biz komitədə müzakirə etmişik. Komitədə də mən dedim, “olmalıdır” əmr formasıdır, cümlələrdə “olur” yazsaq, daha yaxşıdır. Qanunun əmr formasında yazılması düzgün deyil.
Sədrlik edən. Bu məsələni işçi qaydasında həll etmək olar. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.39 dəq.)

Lehinə  96
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında komitə sədri Əli Hüseynov danışacaq.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən vaxtınızı çox almayacağam. Sadəcə, xatırlatmaq istəyirəm ki, bu ilin yaz sessiyasında “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunu qəbul etdik. Bundan sonra MONEYVAL-ın mart ayında keçirilən iclasında bu qanunun qəbul olunması və Mərkəzi Bankın yanında maliyyə monitorinqinin yaradılması müsbət qiymətləndirildi. Qanunun tətbiqi ilə bağlı bu qanundakı bir sıra müddəalar digər qanunvericilik aktlarında öz əksini tapmalı idi.
Cənab Prezidentin məlum, 2009-cu il 23 fevral tarixli fərmanında nəzərdə tutulmuşdu ki, digər qanunvericilik aktlarında bu qanundan irəli gələn müddəalar öz əksini tapsın. Hazırda geniş bir layihə hazırlanmışdır. Bir sıra qanunlarda – “Notariat haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında” qanunlarda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində bu qanundan irəli gələn müddəaların əksini tapması qeyd olunmuşdur. Adı çəkilən bütün qanunlara cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılmasının qarşısını almaq məqsədi ilə müvafiq qanunvericilikdə müəyyən edilmiş tədbirlərin yerinə yetirilməsi haqqında müddəa əlavə edilir. Bütün qanunlarda ancaq bu müddəa öz əksini tapır. Hər bir orqanın qarşısına, dini qurumlardan tutmuş dövlət orqanlarına qədər, belə bir vəzifə qoyulur. Ona görə hesab edirəm ki, bu məsələ mübahisə doğurmamalıdır və millət vəkilləri tərəfindən qəbul oluna bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.42 dəq.)

Lehinə  101
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  1
İştirak edir  103
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Komitə sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Artıq Siz özünüz qeyd etdiniz ki, burada söhbət hesabat məlumatlarının təqdim edilməsi qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsindən gedir. Məqsəd aydındır. İnzibati Xətalar Məcəlləsində edilən dəyişiklik ancaq sanksiya ilə bağlıdır. Mövcud sanksiyalar mövcud reallığı əks etdirmir. Vəzifəli şəxslərin bu inzibati xətaya görə 300 manatdan 400 manatadək, hüquqi şəxslərin 500 manatdan 700 manatadək cərimə edilmələri təklif olunur. Düşünürəm ki, bu təkliflər İnzibati Xətalar Məcəlləsinin indiki vəziyyətinə daha uyğundur. Çox sağ olun.
Sədrlik edən. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.44 dəq.)

Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Hamımıza məlumdur ki, ölkəmizin sürətli iqtisadi inkişafı onu miqrasiya baxımından çox maraqlı bir ölkəyə çevirib. Bu proseslərin tənzimlənməsindən ötrü xüsusi dövlət orqanı – Miqrasiya Xidməti yaradılmışdır. Miqrasiya proseslərinin idarə olunması məqsədi ilə “bir pəncərə” prinsipi tətbiq olunur. Bu, ölkə Prezidentinin fərmanında da öz əksini tapıb. Bu prinsipin tətbiqi ilə əlaqədar “İmmiqrasiya haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər təklif olunur. Həmin əlavə və dəyişikliklər bu prosesləri tənzimlədiyinə görə, eyni zamanda, təklif olunur ki, “Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi haqqında” Əsasnamə qüvvədən düşmüş hesab olunsun. Hesab edirəm ki, qanun layihəsinə səs verib qəbul etmək olar.
Sədrlik edən. Siyavuş Novruzov.
S. Novruzov. Çox sağ olun. Təşəkkür edirəm. Mənim bu məsələ ilə əlaqədar yox, bayaq səs verib qəbul etdiyimiz məsələ ilə bağlı qeydim var. Ziyafət müəllim hüquqşünasdır, Konstitusiya hüququ üzrə mütəxəssisdir. Hüquqda “25 faiz” məsələsi yoxdur. Səs çoxluğu ya sadə, ya da səslərin üçdə ikisi qədər olur. İndidən deyirəm ki, bunu düzəltmək lazımdır. Yəni kvorum 25 faiz ola bilər, biz bunu referendumda müəyyənləşdirmişik. Parlament, Prezident, bələdiyyə seçkilərində kvorum yoxdur. 3 nəfər gəlsə və ikisi bir adama səs versə, seçilə bilər. Amma “25 faiz səs çoxluğu ilə seçilmək” termini hüquq elmində yoxdur. Ona görə bu məsələyə diqqət yetirmək lazımdır. Sağ olun.
Z. Əsgərov. Siyavuş müəllim, sualınıza cavab verirəm. Hüquq elmində 25 faiz səs çoxluğu ilə seçilmək var. Sağ olun.
Sədrlik edən. Nəsib Nəsibli.
N. Nəsibli. Çox təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Milli Məclis! Bu məsələ ilə bağlı diqqətinizi bir məqama cəlb eləmək istəyirəm. Əlbəttə, “bir pəncərə” prinsipinin tətbiqi çox gözəldir, xarici vətəndaşların işləri yüngülləşir. Amma bu dəyişikliklərlə bağlı bizim xaricdə yaşayan soydaşlarımızın da problemləri artır. Əvvəla, rüsumun çox yüksək həddə olması diqqəti çəkir. Mən bu məsələni araşdırmışam. Çünki mənim seçicilərimin də bir hissəsi Borçalı əsillidirlər və onların da problemləri olur. Keçən dəfə ayın 19-da bu barədə çıxış etdim, amma belə görünür ki, mən dediklərim o qədər də hədəfə çatmadı. Məsələ nə yerdədir? Bu dəyişikliklərlə bağlı Miqrasiya Xidmətinə müraciət olunur. Borçalıdan buraya gələnlərin böyük əksəriyyəti əməkçi miqrantlardırlar və burada işləmək üçün indiki qaydalarla ildə 1000 manat pul ödəməlidirlər. Əvvəla, onlar yüksək ixtisaslı adamlar deyildirlər. Burada qazandıqlarının böyük hissəsini buna verəcəklər. Digər sənədlərin alınmasına da xeyli vəsait sərf olunmalıdır. Məsələn, biri müraciət edib deyir ki, mən istəyirəm anam gəlib burada qalsın. O, Azərbaycan Respublikasının vətəndaşı deyil və hər 3 aydan bir anası gərək sərhəddə yenidən qeydiyyatdan keçsin və bura gəlsin.
Keçən dəfə də deyildi, əlbəttə, Azərbaycan Respublikasının daxili, içki bazarını qorumaq lazımdır. Bununla bağlı müvafiq qaydalar tətbiq olunmalıdır, amma deyildi ki, Borçalını da zəiflətmək olmaz, ora bizim potensialımızdır və sair. Amma heç kim demir ki, onlara vətəndaşlıq verilsin, onlar əməkçi miqrantlardırlar. Dərbənddən gələnlər də eyni vəziyyətdədirlər. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı konseptual yanaşma dəyişilməlidir. Dünyanın bir çox ölkələrində həm vətəndaşlar, həm də ara kateqoriyalı daimi yaşamaq izni olan şəxslər var. Məsələn, Amerikada Amerika vətəndaşı, bir də daimi oturma izni olan insanlar və üçüncü kateqoriyalı insanlar var. Türkiyədə bir Türkiyə Cümhuriyyətinin vətəndaşı, bir də “türklər” deyilən bir kateqoriya var. Onlarla bağlı bir sıra üstünlüklər, güzəştlər tanınır. Məsələn, təhsil məsələsində onlara üstünlüklər verilir. Azərbaycan Respublikasında bu üstünlüklər tanınmır. Elə bir anlayış yoxdur.
Dəfələrlə xahiş elədik, məsələ qaldırdıq, dedik ki, güneydən gələnlər və burada oxuyanlar bizim, həqiqətən də, Azərbaycan Respublikasının gələcək patriotlarıdırlar. Burada oxuyub, milli şüura sahib olandan sonra vətənlərinə qayıdacaqlar. Onlara heç cür şərait yaradılmadı. Bu gün istənilən xarici vətəndaş təhsil haqqı ödəməlidir. Amma baxın, 2008–2009-cu illərdə Türkiyə Cümhuriyyətində təhsil alan xarici dövlətlərin vətəndaşlarının siyahısı belədir: Azərbaycandan – 2307, Türkmənistandan – 1703, Qazaxıstandan – 701, Qırğızıstandan – 528, Özbəkistandan – 117 nəfər türk əsilli tələbə oxuyur və təhsil haqqı ödəmir. Bu yalnız humanitar məsələ deyil.
Mən Moskvada oxuyanda həmişə düşünürdüm ki, Patris Lumumba adına məşhur universitet nəyə lazımdır? Sovet rejimi niyə bu qədər pul xərcləyir? İndi həmin universiteti bitirən afrikalılar Rusiyanın patriotlarıdırlar və rus mədəniyyətinin daşıyıcılarıdırlar. Məsələyə ən azından bu baxımdan yanaşmaq lazımdır. Xarici azərbaycanlılar kateqoriyasından sonra, eyni zamanda, xarici türklər kateqoriyası da olmalıdır. Onların bəzi üstünlükləri tanınmalıdır. Bu dəyişikliklərdə belə bir yanaşma yoxdur. Mənə elə gəlir ki, bu məsələyə bir də qayıdacağıq. O zaman həmin qanunda yenidən dəyişikliklər ediləcək. Məncə, orada, heç olmasa, bir bəndlə “xarici azərbaycanlılara münasibətdə xüsusi proqramlar tətbiq olunsun və sair” cümləsi ilə bu problemi həll etmək olar. Təhsil haqqında Qanunda da bu var idi. Mən hesab edirəm, bu da imperativ şəkildə yenidən dəyişdirilməlidir. İmkan olmadı fikrimi deyim. Buraya da belə bir bənd əlavə olunmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Ancaq Siz dediyiniz məsələ dünyanın bütün ölkələrində var. Hər hansı bir ölkədə 3 aydan artıq qalırsansa, tələbələrdən söhbət getmir, eləcə də Türkiyədə 3 ay sonra qayıdıb yenə qeydiyyatdan keçməlisən. Nəzərə almalıyıq ki, xaricdə yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayan azərbaycanlılardan 10 dəfə çoxdur. Biz bu məsələyə diqqətlə yanaşmalıyıq. Bu qanunun qəbul olunması vacibdir, xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 17.53 dəq.)

Lehinə  94
Əleyhinə  2
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, həqiqətən, yaz sessiyasında, eləcə də növbədənkənar sessiyada tarixi qanunlar qəbul etdik, hamınıza minnətdarlıq bildirirəm və bununla da növbədənkənar sessiyanın işini bitmiş hesab edirik.
 
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi