2009-ci il 12 noyabr tarixli iclasın stenoqramı

MİLLİ  MƏCLİSİN  İCLASI

12  noyabr  2009-cu il. Saat 12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri!
Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.12 dəq.)
İştirak edir 87
Yetərsay  83

Yetərsəs var. Müzakirələri davam edə bilərik. Buyursun Abel Məhərrəmov.
A. Məhərrəmov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Çıxışımın əvvəlində fürsətdən istifadə edərək, son dövrlərdə respublikamızın ictimai həyatında mühüm hadisə hesab olunan Bakı Dövlət Universitetinin 90 illik yubileyi tədbirlərində fəal iştirak etdiklərinə görə deputat həmkarlarıma, şəxsən parlamentimizin Sədri cənab Oqtay Əsədova, bütün hökumət üzvlərinə, ali struktur rəhbərlərinə universitet ziyalıları adından dərin təşəkkürümü bildirmək istəyirəm.
Eyni zamanda, öz gəlişi ilə yubiley tədbirlərinə böyük şərəf gətirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bu yüksək tribunadan dərin minnətdarlığımı bildirirəm. Universitetin tarixində əlamətdar hadisə olan möhtərəm Prezidentimizə Bakı Dövlət Universitetinin fəxri doktoru adının verilməsi mərasimi, yəqin ki, uzun illər xatirələrdə xoş təəssürat kimi yaşayacaqdır.
Yeri gəlmişkən, demək istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarları olan Azərbaycan parlamentinin, Bakı Dövlət Universitetinin və digər bu kimi qurumların yubileylərinin təntənəli şəkildə qeyd edilməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlətçilik uğurlarından xəbər verir.
İndi də qısa çıxışımı sizin nəzərinizə çatdırmaq istəyirəm. İlk növbədə qeyd etmək istərdim ki, istər 2010-cu il dövlət büdcəsi haqqında bizə verilmiş qanun layihəsini oxuyarkən, istərsə də hökumət üzvlərinin məruzə və çıxışlarını dinləyərkən belə qənaətə gəlmək olur ki, bu layihə böyük bir təfəkkürün məhsuludur və özünəməxsus peşəkarlıqla hazırlanmışdır. Yüksək tarazlıq prinsipini gözləməklə və akademik düşüncələrlə hazırlanmış bu büdcə layihəsi bizə tam əmin olmağa əsas verir ki, Azərbaycan qlobal böhran şəraitində belə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıdan gələn ildə də həm iqtisadi, həm də sosial sahələrdə konkret uğurlar əldə edəcəkdir.
Ümumiyyətlə, qlobal cəmiyyətdəki böhranı bir qədər obrazlı şəkildə zəlzələyə bənzətsək, deyə bilərik ki, həmin zəlzələnin episentri Azərbaycandan çox uzaqdadır, lakin az da olsa, onun təsirini hiss edirik. Bu, təbii prosesdir, belə olmasa idi, deməli, biz qlobal dünyadan təcrid edilmiş vəziyyətdə olardıq. Biz bu zəif zəlzələ təsirindən haranın daha çox zərər çəkdiyini bilməli, həmin sahələrə daha çox yardım göstərməli, oraya daha artıq diqqət yetirməliyik. Fikrimcə, təqdim edilmiş büdcə layihəsi də məhz bu amala xidmət etməyə yönəlmişdir.
Mən elm, təhsil sahəsinin nümayəndəsi kimi istərdim ki, büdcəyə dair bu sahədə öz düşüncələrimi qısa olaraq sizin diqqətinizə çatdırım. Hər şeydən öncə böyük ehtiram hissi ilə xatırlatmaq istəyirəm ki, Azərbaycanın müstəqilliyinin ilk illərində dövlət büdcəsi 1 milyard dollar ətrafında olarkən belə ümummilli liderimiz Heydər Əliyevin tapşırığı ilə büdcənin təqribən dörddə biri təhsilə ayrılırdı. Təhsili millətin gələcəyi hesab edən ulu öndərimiz bütün iqtisadi problemlərə, xarici borclara, hərbi vəziyyətə baxmayaraq xalqın gələcəyinə, yəni təhsilə ayrılan vəsaiti əsirgəmirdi. Çox sevindirici haldır ki, bu gün də həmin ənənə uğurla davam edir.
Hörmətli həmkarlar, büdcə zərfinə daxil edilmiş materialların təhlili göstərir ki, növbəti ilin büdcəsində Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə milli strategiyanın və bu strategiyanın həyata keçirilməsi ilə bağlı dövlət proqramlarında müəyyən edilmiş məqsəd və vəzifələrə nail olunması, habelə fundamental tədqiqatların səmərəliliyinin artırılması əldə olunmuş nəticələrin iqtisadi və sosial sahələrdə tətbiqinin təmin edilməsi, universitetlərdə texnoparkların yaradılması, innovasiya proseslərinin gücləndirilməsi, elmi potensialın qorunması və daha artıq effektiv istifadə olunması üçün zəruri maliyyə resursları nəzərdə tutulmuşdur.
Bəli, artıq deyildiyi kimi, növbəti ilin büdcə layihəsində elm xərclərinə nəzərdə tutulmuş 98,2 milyon manat vəsaitin əvvəlki illə müqayisədə 7,5 faiz az olmasına baxmayaraq, bu vəsait real tələbatı ödəmək iqtidarındadır. Belə ki, qlobal böhran şəraitində yaranan bu cüzi azalma bütövlükdə elmin inkişaf dinamikasına mane ola bilməz. Əminəm ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 oktyabr sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu qeyd olunan məsələlərin həllində böyük rol oynayacaqdır. Mən belə düşünürəm ki, bu qurum vasitəsilə lazım gələn hallarda ehtiyat fondlarında müəyyən maliyyə transferləri də etmək olar. Bir daha fikrimi ümumiləşdirib qeyd etmək istəyirəm ki, büdcədə ayrılan vəsait elmi saxlamağa yox, elmin prioritet sahələrinin inkişafına yönəlməlidir. Bu istiqamətdə ciddi planlaşdırma işləri aparılmalı və onun yerinə yetirilməsinə lazımi nəzarət olmalıdır.
İndi isə bir neçə kəlmə də təhsil haqqında. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında dövlət tərəfindən təhsilin inkişafına çox böyük önəm verildiyini vurğulamış və demişdir: “Azərbaycan dövləti həmişə olduğu kimi təhsilin inkişafına çox böyük əhəmiyyət verir”. Bu, həqiqətən də belədir. Bunu görmək üçün ancaq Azərbaycan dövlət büdcəsinə baxmaq kifayətdir. Təhsil xərcləri ordu xərclərindən sonra ikinci yerdədir.
Hörmətli həmkarlar, yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan dövlətinin təhsil strategiyası 3 əsas istiqamətdə müəyyənləşdirilmişdir: 1. Milli təhsil konsepsiyasına əsaslanaraq Avroatlantika məkanına sürətlə inteqrasiyanı təmin etməklə islahatlar aparmaq. Bəli, islahatları layiqincə və sivil qaydada aparmaq üçün gələn ilin büdcə layihəsində təhsil xərclərində, ümumilikdə, 15 dövlət proqramı və tədbirlər planı üzrə 39,4 milyon manat həcmində vəsait nəzərdə tutulmuşdur. Bu da real baxımdan bizi qane edir.
2. Dünyanın aparıcı universitetlərinə istedadlı gəncləri oxumağa göndərərək oradakı elmi-mədəni və intellektual mühiti Azərbaycana gətirmək. 2007–2015-ci illər ərzində həyata keçirilən həmin dövlət proqramının reallaşması məqsədi ilə gələn ilin büdcə layihəsində də zəruri vəsait nəzərdə tutulmuşdur. Strategiyanın 3-cü və son istiqaməti isə Azərbaycanda Avroatlantika mühitinə uyğun texniki imkanlar yaratmaqdır. Bu məqsədlə nou-hau tipli texnologiyaların Azərbaycana transfer edilməsi və digər islahatlar da büdcə layihəsində öz əksini tapmışdır. Bir daha qeyd etmək istəyirəm ki, ölkə rəhbərinin müdrik qərarı ilə üç istiqamətin sintezində yaranan mühit yeniləşən Azərbaycana daha perspektivli gələcək gətirəcəkdir. Yalnız bununla Avropa mühitini Azərbaycana gətirmək, burada həmin səviyyədə mütəxəssislər hazırlamaq mümkündür.
Lakin burada bir məqamı ayrıca qeyd etmək istəyirəm. Avropa təhsilli həmin milli kadrlar ayrı-ayrı sahələrdə yox, universitetlərdə yeni mütəxəssislərin hazırlanmasına cəlb olunsa, cəmiyyət daha böyük fayda əldə edə bilər.
Yeri gəlmişkən, mən təkrar etməkdən qürur duyuram ki, Azərbaycan dövlətçilik tarixində rolu və yeri olan Bakı Dövlət Universitetinin 90 illik yubileyində möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk dəfə olaraq Azərbaycanın iqtisadiyyatında keçid dövrünün başa çatdığını bəyan etdi. Bu fikri komitə sədri akademik Ziyad Səmədzadə öz çıxışında xüsusi vurğuladı. Mən də həmkarlarıma qoşularaq buna Azərbaycan dövlətçiliyində tarixi bir hadisə kimi baxıram. Sözümün sonunda göstərilənləri ümumiləşdirərək hörmətli deputat həmkarlarımı 2010-cu ilin dövlət büdcə layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyevin sualı var. Buyurun.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Çox yüksək səviyyədə çıxış edirlər. Biz də yazılmışıq, çıxış etmək istəyirik. Çıxışa yazılanlar da çoxdur. Ona görə də təklifimiz var ki, çıxışın müddəti 5 dəqiqəyə endirilsin, hamıya da növbə çatsın, hər deputat öz sözünü desin. Bu mənim təklifimdir.
Sədrlik edən. Etiraz edən yoxdur ki? İndi səsə qoymağa ehtiyac yoxdursa, keçək 5 dəqiqəyə.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ərəstun Cavadov.
Ə. Cavadov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputatlar və hökumət üzvləri! Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyev ölkəmizdə bütün sahələrin inkişafında yeni keyfiyyətli dəyişikliklərə nail olmuşdur. Məhz Prezidentimiz tərəfindən ölkəmizdə aparılan islahatların dərin iqtisadi əsaslara söykənməsinin nəticəsidir ki, bütün dünyanı bürüyən iqtisadi böhran belə, ölkəmizə ciddi təsir göstərə bilməmişdir. Buna baxmayaraq, 2010-cu ilin dövlət büdcəsi layihəsi dünya iqtisadiyyatında yaranmış qlobal maliyyə böhranının nəticələrini nəzərə alaraq hazırlanmışdır. Çətinliklərə baxmayaraq, büdcənin gəliri azalsa da, dövlət indiyə qədər müəyyənləşdirilən əsas parametrlərindən imtina etməmişdir. Büdcə zərfindən də göründüyü kimi, layihədə bir çox yeni müsbət təzahürlər əks olunmuşdur. Bu, regionlar üzrə büdcə vəsaitləri vasitəsilə rayonların iqtisadiyyatının modernləşdirilməsinin proqnozlaşdırılmasında özünü göstərir.
Belə ki, mənim təmsil etdiyim 87 saylı Ağsu–İsmayıllı seçki dairəsi üzrə Ağsu və İsmayıllı rayonlarında dövlət tərəfindən infrastruktur layihələri həyata keçirilir. İş yerlərinin açılması üçün müəyyən tədbirlər görülür, sahibkarlara güzəştli kreditlər verilir. Kənd təsərrüfatının inkişafı üçün güzəştlər edilir və bu sahənin inkişafı üçün hərtərəfli dəstəklər verilir. Lakin mən qeyd edirəm ki, yuxarıda sadaladığım müsbət amillərlə yanaşı, Ağsu rayon əhalisi üçün həll edilməsi vacib olan problemlərdən biri də rayonun dağətəyi kəndlərində su probleminin həll olunmasıdır. Mən mütəmadi olaraq Ağsunun dağətəyi hissəsində yerləşən kəndlərdə kənd sakinləri ilə görüşlər keçirirəm. Həmin kəndlərdə içməli, həmçinin də yerli təsərrüfatın və mal-qaranın saxlanılması üçün suyun olmaması səbəbindən əhalinin böyük hissəsi öz yerlərini tərk etmiş və həmin kəndlərin böyük bir hissəsi boşaldılmışdır.
Eyni zamanda, rayonun əksər kəndlərində yollar çox bərbad vəziyyətdədir. Bu isə kənd əhalisinin ölkə daxilində gediş-gəlişi üçün daim böyük problem yaradır. Rayonda həmçinin səhiyyə xidmətinin yaxşılaşdırılmasına da çox böyük ehtiyac vardır. Bundan başqa, rayonun əksər kəndlərində həkim-ambulator və feldşer, mama məntəqələrinin də tikilməsinə çox böyük ehtiyac vardır. Ona görə də mən hökumətdən 2010-cu il büdcə layihəsində xərc maddələri üzrə maliyyələşdirilmənin Ağsu rayonunda yuxarıda qeyd etdiyim problemlərin aradan qaldırılması üçün əlavə olaraq artırılmasını təklif və xahiş edirəm.
Yuxarıda göstərilənləri əsas tutaraq mən bu gün müzakirəyə çıxarılmış Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında qanun layihəsinin hazırlanmasında əməyi olan bütün hökumət nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Bu qanun layihəsinin qəbul edilməsinə səs verəcəyəm. Deputat həmkarlarımı da bu layihənin qəbul edilməsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Rüstəm Xəlilov.
R. Xəlilov. Təşəkkür edirəm, cənab Sədr. Mən bu gün fürsətdən istifadə edib Konstitusiya günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm.
Oqtay müəllim, mən öz çıxış növbəmi Arif müəllimə verirəm, mən də onun növbəsində çıxışımı davam etdirərəm. Çox sağ olun.
Sədrlik edən. Arif Rəhimzadə.
A. Rəhimzadə. Sağ olun, Oqtay müəllim. Hörmətli Milli Məclis, hörmətli hökumət üzvləri! Mən də məndən əvvəl çıxış etmiş həmkarlarım kimi hesab edirəm ki, 2010-cu ilin büdcəsi ölkənin qarşıda duran əsas vəzifələrinin həlli yollarını, dünya iqtisadiyyatında mövcud və gözlənilən prosesləri nəzərə almaqla hazırlanıb və tərtib edilibdir. 2009-cu ilin keçən dövrü bir daha göstərir ki, ölkə başçısının iqtisadi-sosial və siyasi kursu zamanın tələblərinə, dövlətin, xalqın maraqlarına uyğundur və səmərəlidir. Ölkədə bazar iqtisadiyyatını həyata keçirmək üçün dəqiq sistem yaradılıbdır. Bu gün həyatımızın bütün sahələrini əhatə edən proqramlar işlənilibdir və uğurla həyata keçirilir. Planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçməkdə bunlar çox mühüm tədbirlərdir. Biz bu işə görə dövlət başçısına öz minnətdarlığımızı bildirmək istəyirik.
Bu gün həyatımızın bütün sahələrini əhatə edən proqramlar var. Büdcənin 39 faizi bu proqramların həllinə yönəldilibdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlər Proqramının birinci mərhələsi qurtarıb, ikinci mərhələyə başlanıbdır və çox uğurla həyata keçirilir. Düzdür, burada belə fikirlər səsləndi ki, bu proqram öz bəhrəsini vermir, həmin iş yerləri haradadır? Belədirsə, kənd rayonları niyə dotasiya hesabına dolanırlar? Mən burada heç kəsin sualına cavab vermək niyyətində deyiləm. Mən bir balaca maarifləndirmə işi aparmaq istəyirəm. Oqtay müəllim, Siz təhsilə həmişə diqqət yetirən bir insan kimi, xahiş edirəm, mənim bu fikirlərimi çatdırmağım üçün imkan yaradasınız.
Burada belə bir fikir irəli sürüldü ki, yaradılan 800 minə yaxın iş yerləri haradadır? Bu belədirsə, nəyə görə rayonların büdcələri dotasiya hesabına formalaşır? Birinci növbədə demək istəyirəm ki, bu, obyektiv bir səbəbdən irəli gəlir. Bunun əsası ondan irəli gəlir ki, kənd təsərrüfatında istehsal olunan məhsulun dəyərinin yalnız 20 faizi, uzaqbaşı 25 faizi kənd təsərrüfatında qalır. Onun böyük bir hissəsi emal müəssisələrində, satış təşkilatlarında cəmləşir. Bu təşkilatlar da əfsuslar olsun ki, Bakı şəhərində yerləşir. Odur ki, əslində, kənddə qazanılan əmtəənin böyük bir hissəsi şəhərin büdcəsinə daxil olur. Bu vəziyyəti aradan götürmək elə bu proqramlarda nəzərdə tutulubdur. Belə bir vəziyyət tək Azərbaycanda deyil, Avropa ölkələrində də, bir çox digər ölkələrdə də var. Əsas vəzifə bu saat ondan ibarətdir ki, kənd təsərrüfatında istehsal olunan məhsul kənd yerlərində də emal edilsin, yalnız satışı şəhər yerində təşkil edilsin, burada realizə olunsun.
İkinci səbəb bizim özümüzdən asılıdır. Biz, bilirsiniz, xeyli vaxtdır ki, kənd təsərrüfatını bütün vergilərdən azad etmişik. Vergi olmayan yerdə büdcəyə nə gəlməlidir? Bunu, yəqin ki, dərk etmək heç də çətin deyil. Əlbəttə, həmin vergiləri yenidən kənd təsərrüfatına yönəltmək olar. Ancaq mən hesab etmirəm ki, bu, optimal bir variantdır. Düzdür, rayonların büdcəsi belə olan halda müəyyən qədər artacaqdır, ancaq qısa bir perspektivdə. Kənd təsərrüfatı inkişaf edir, kənd rayonlarının büdcələri həm absolyut rəqəmlərdə, həm də faizdə artır. Rayonlar abadlaşır və gələcəkdə də bu proses davam edəcəkdir. Bunu şübhə altına qoymağı heç kəsə məsləhət bilməzdim.
Mən burada büdcənin göstəricilərini sadalamaq niyyətində deyiləm. Mən yalnız büdcə zərfinin 2010-cu və gələn 3 il üzrə iqtisadi və sosial konsepsiyası haqqında bir-iki kəlmə demək istəyirəm. Bu konsepsiya bizim 4 illik fəaliyyətimizi müəyyənləşdirməlidir. Mən istərdim ki, bu konsepsiya daha məcburi, icbari xarakter daşısın. Bu konsepsiya mülahizələr formasında verilməsin və əslində, icra orqanlarının fəaliyyət proqramı olsun. Cənab Prezident tərəfindən qəbul edilmiş dövlət proqramları var. Bunlar daha uzun müddəti əhatə edir. Ancaq 4 illik konsepsiya hesab edirəm ki, həmin proqramların mərhələ-mərhələ həllinə xidmət etməlidir. Bu nöqteyi-nəzərdən hesab edirəm, ictimaiyyətdə müzakirə olunan bir çox məsələlər konsepsiyada dəqiq yazılmalı və həmin məsələlərin həlli müddəti müəyyən edilməlidir. Bu məsələləri vaxt azlığı səbəbindən mən burada geniş demək istəmirəm.
İkinci məsələyə, Neftçalanın bir çox problemləri ilə əlaqədar məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Təhsil sahəsində çox böyük işlər görülür, o cümlədən Neftçala rayonunda. Bununla belə, Neftçala rayonunda məktəb tikintisinə böyük ehtiyac var. Mən xahiş edirəm, Maliyyə Nazirliyinin nümayəndələri də buradadırlar, bu məsələyə diqqət yetirsinlər. Neftçalaya Kürdən kanal çəkilir. 20 min hektarın suvarılmasını təmin edən bir kanal olacaqdır. Biz bilirik ki, kənd təsərrüfatı real inkişaf etdirilməli sahəmizdir. Biz bundan sonra nə maşın istehsal edəsiyik, nə də dəqiq bir qurğu istehsal edəsiyik...
Sədrlik edən. Sağ olun, Arif müəllim. Baba Tağıyev.
B. Tağıyev. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Bu gün Azərbaycan dövlətinin 2010-cu ildəki dövlət büdcəsini müzakirə edirik. Demək istərdim ki, ulu öndərimiz Heydər Əliyevin qoyub getdiyi, möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın iqtisadiyyatı inkişaf edir, dünya çarxında Azərbaycan dövlətinin siyasəti özünəməxsus yerini alır. Mən hazırlanan büdcə layihəsi barədə konkret bir neçə kəlmə ilə demək istərdim ki, kifayət qədər mükəmməl hazırlanmışdır. Bu büdcə layihəsinə mən də səs verəcəyəm. Bir neçə fikrimi demək istərdim. Arzu edərdim ki, İctimai televiziyanın büdcəsi daha böyük olsun. Mən bir neçə əlavə olaraq öz şəxsi fikirlərimi demək istərdim.
Hərbi büdcənin böyük olması, doğrudan da, təqdirəlayiqdir, çünki Azərbaycan müharibə vəziyyətində yaşayır. Azərbaycanın müharibə vəziyyətində olduğu Ermənistanın ərazisində böyük dövlətin hərbi bazaları vardır. Həmin hərbi bazalarda çoxlu, misal üçün, Gümrü hərbi bazasında hərbi texnika yerləşdirilmişdir, Gürcüstan ərazisindən çıxarılmış Rusiya qoşunlarının mükəmməl texnikaları oraya yerləşdirilmişdir. Mən hesab edirəm ki, hərbi büdcənin güclü və daha böyük olması təqdirəlayiqdir.
 Azərbaycanda kənd təsərrüfatı işçilərinin nə qədər əziyyət çəkdikləri haqqında çox eşitmişik. Mənim konkret təkliflərim vardır. Bu təkliflərim burada oturan hökumət nümayəndələrinə aiddir. Azərbaycanda “Azərittifaq” kimi köklü bir təşkilat vardır. Mən təklif edirəm ki, Azərbaycanda təkcə “Azərittifaq” deyil, bir neçə, ən azı 10 dənə belə təşkilat yaratmaq lazımdır. Həmin təşkilatları kredit vasitəsilə təsis etmək olar. Bu təşkilatların hər biri Azərbaycanın rayonlarında alğı-satqı bazalarının yaradılmasını təşkil etməlidir. Dövlət təşkilatlarının hüquq mühafizə orqanları alğı-satqı təşkilatlarının kənd təsərrüfatı işçilərindən, kənd təsərrüfatı məhsullarını istehsal edən insanlardan aldıqları mala görə ödənişləri vaxtında ödəmələrinə nəzarət etməlidirlər. Beləliklə, “Azərittifaq” kimi bir neçə təşkilat kənd təsərrüfatı məhsullarının Azərbaycanda, eləcə də xaricdə satışını mükəmməl şəkildə həyata keçirməyə qadir ola bilər. Bu, dünya praktikasında dövlətin kənd təsərrüfatına göstərdiyi ən böyük dəstəklərdən biridir. Mən bu metodun Azərbaycanda tətbiq olunmasını təklif edirəm. Təbii ki, bu bir-iki il deyil, hətta on illər müddətində çox böyük effektlər verə bilər. İnanıram ki, mənim bu təklifim nəzərə alınarsa, heç də Azərbaycana az xeyir verməyəcək. Büdcə layihəsinə mən də səs verəcəyəm. Sizi də bu layihəyə səs verməyə dəvət edirəm.
Sədrlik edən. Sağ olun. Fuad Muradov yerini Rüfət Quliyevə verib.
R. Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli xanımlar və cənablar! Müzakirə edilən 2010-cu il üçün büdcə qanunu layihəsi hərtərəfli əsaslandırılmış, dövlətimizin və xalqımızın mənafeyinə cavab verən fundamental bir sənəddir. Layihə ilə tanışlıq göstərir ki, onun hazırlanıb ərsəyə gətirilməsində sənədin sanballı olması üçün əllərindən gələni əsirgəməmişlər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin proqram xarakterli göstərişi və çıxışlarından irəli gələn vəzifələrə tamamilə cavab verən mükəmməl bir layihə müzakirəmizə təqdim edilmişdir. İlk növbədə qeyd etmək istərdim ki, əvvəlki illərdə olduğu kimi, 2010-cu ilin büdcə layihəsi də sosial yönümlüdür. Dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində sosial yönümlü xərclərin büdcənin 34,4 faizini və ya 3 milyard 877,6 milyon manat təşkil etməsi və 2009-cu illə müqayisədə 1, 7 faiz çox olması bunun bariz sübutudur.
Sözsüz ki, ölkədə hökm sürən iqtisadi sabitlik, bütün pozitiv dəyişikliklər ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasətin nəticəsində mümkün olmuşdur. İldən-ilə Azərbaycanın neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da yüksəlmə xətti ilə inkişaf edir. Yeni-yeni istehsal gücləri meydana gəlir və hazırda daxili investisiya xarici investisiyanı üstələyir. Azərbaycan hətta bu gün Gürcüstan, Türkiyə və Moldova kimi xarici ölkələrə sərmayə qoyur.
Son illərdə ölkədə aparılan böyük quruculuq işləri, yeni istehsal sahələri, iş yerlərinin yaradılması, dünyanı bürümüş iqtisadi və maliyyə böhranına, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, cari ilin 9 ayında ümumi daxili məhsulun artım sürəti 6,1 faizə çatmış və bunun regionda rekord göstərici olması göz qabağındadır və hamımız bunlarla fəxr etməliyik.
Nəhayət, ötən il kənd təsərrüfatımızda ən böyük pozitiv dəyişiklik baş vermişdir. Bu da cari ilin taxıl istehsalının 3 milyon tona çatdırılmasıdır. 2009-cu ilin 9 ayında ölkədə inflyasiya cəmi 2,1 faiz təşkil etmişdir. Respublikada böyük işlər görülür və bu sahədə dinamik inkişaf gedir. Həmişə olduğu kimi, ölkədə neft faktoru prioritet istiqamət olaraq qalır. Məsələ ondan ibarətdir ki, neftdən gələn gəlirlər düzgün istifadə olunsun. Hazırda bu sahədə bizim iqtisadçıların, alimlərin heç bir narahatlığı yoxdur, çünki həmin məsələ dövlət və bütün əlaqədar strukturların diqqət mərkəzindədir və neftimiz xalqımıza xidmət edir. Mən 2010-cu il büdcəsinin neftin bir barelinin qiymətinin 45 ABŞ dolları məbləğində nəzərdə tutulmasını dəstəkləyirəm. Hesab edirəm ki, bu proqnozu verən təşkilatlar belə incə məsələyə düzgün yanaşmışlar.
Lakin burada çıxış edən bəzi deputat həmkarlarımız bir çox şeylərə qara eynəklə baxırlar və hər sahədə nöqsan axtarırlar. Qeyd etmək istərdim ki, bu deputatlar 4 ildir ki, eyni nöqteyi-nəzərdən çıxış edirlər. Yersiz hay-küy qaldırırlar. Hətta keçən ilin sonlarında da, bu ilin əvvəlində də dəfələrlə qeyd edirdilər ki, dünyanı bürümüş iqtisadi böhran Azərbaycan iqtisadiyyatını da çökdürəcək. Nəticə göz qabağındadır.
Mən çıxışların 5 dəqiqə olmasını nəzərə alaraq, fikirlərimi də qısaca çatdırmağa çalışdım. Görülən işlər bizi sevindirir və qürur hissi doğurur. Bununla yanaşı, 2010-cu ildə büdcə layihəsində bəzi təklif və qeydlərimizi sizin diqqətinizə çatdırmaq istəyirəm. 2010-cu ildə dövlət büdcəsinin dövlət investisiya xərcləri üçün nəzərdə tutulmuş vəsait hesabını maliyyələşdirərək maliyyənin istiqamətini hər sahə üzrə ümumi xərclər göstərilsə də, hər obyekt üzrə konkret xərclərin göstərilməsi...
Sədrlik edən. Sağ olun. Bir də millət vəkillərindən xahiş edirəm, vaxta baxın, çıxışlarınızı bir az qısaldın. Elə olmasın ki, çıxışınız yarımçıq qalsın. Əkrəm Abdullayev.
Ə. Abdullayev. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar, cənablar! Məndən öncə çıxış edən həmkarlarım da büdcə barədə qeydlərini söylədilər. Sözsüz ki, mən də həmin fikirlərə qoşuluram, büdcə layihəsinə səs verəcəyimi bəyan edirəm. Bu gün dünyada gedən proseslərə və ölkəmizin tələbatına uyğun hazırlanmış və elmi cəhətdən əsaslandırılmış büdcə layihəsidir. Lakin bir neçə gün ərzində buradakı müzakirələrdə bəzi narahatedici məqamlar nəzərə alınmalıdır, bu da qeyri-neft sektorunun inkişafı və Dövlət Neft Fondundan olan transferlərlə əlaqədardır. Sözsüz, biz bir neçə illərdir qeyd edirik ki, qeyri-neft sektoru inkişaf etdirilməli və buraya investisiya yatırılmalıdır. Hazırda bu proses gedir. Amma biz büdcə layihəsinə baxanda görürük ki, həqiqətən də, neft sektorunun inkişafı qeyri-neft sektorunun inkişafını üstələyir. Dövlət Neft Fondundan gələn transfer bu gün, həqiqətən də, büdcənin 50 faizini təşkil edir. Burada ürəkaçan məqam odur ki, ölkəmiz neft sənayesi ölkəsidir, neft inkişaf edir və sözsüz, büdcədə neftdən gələn gəlirlər çoxluq təşkil etməlidir. Amma narahatedici səbəb də odur ki, bizim neftimiz ömür boyu, bundan sonra 100–200 il olmayacaq. Qeyri-neft sektoru da inkişaf eləməlidir ki, Azərbaycan xalqının gələcək rifahı daha yaxşı olsun.
Cənab Prezident tərəfindən üstün sahələr elan olunub. Bu sahələr kənd təsərrüfatı, turizm və informasiya kommunikasiyaları texnologiyalarının inkişafı sahələridir. Bu gün büdcə layihəsinə baxanda görürük ki, kənd təsərrüfatı ilə bağlı müəyyən rəqəmlər nəzərə alınıb. Amma informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı çox ürəkaçan rəqəmlər yoxdur. Demək olar ki, turizm sahəsinə 6–7 milyon vəsait ayrılıb. İnformasiya telekommunikasiyalarının büdcədə heç adı çəkilməyib. Sözsüz, biz bu sahələri stimullaşdırmalıyıq ki, gələcəkdə həmin sahələr ölkəmizin inkişafına xidmət etsin. Bu gün Azərbaycanı turizm ölkəsinə çevirmək üçün müəyyən işlər görməliyik. Dövlət hesabına müəyyən investisiyalar yatırmalıyıq. Turizmlə bağlı potensialı olan bölgələrimiz var. Həmin bölgələrin inkişafına bilavasitə dövlət maraq göstərməlidir. Biz bu sahələri özəl sektorun üzərinə qoymaqla inkişafa nail ola bilmərik. Ona görə də düşünürəm ki, Maliyyə Nazirliyi turizmlə və informasiya kommunikasiyaları texnologiyalarının inkişafı ilə bağlı maddələrə bir daha baxmalıdır.
Növbəti məsələ, ulu öndər Heydər Əliyev də, cənab Prezident də həmişə gənclər siyasətini prioritet sahə hesab ediblər. Azərbaycanda 2007-ci il Gənclər ili, 2009-cu il Uşaq ili elan olunub. Lakin büdcə layihəsinə baxanda görürük ki, uşaq siyasətinə təxminən 580 min manat, gənclər siyasətinə 4 milyon manat ayrılıb. Ölkədə 5 milyon manata hansı gənclər və uşaq siyasətini formalaşdırmaqdan söhbət gedər? Düşünürəm ki, buna çox çətin cavab tapmaq olar. Bu gün Azərbaycan gənclər siyasəti Birləşmiş Millətlər Təşkilatı çərçivəsində, türk dünyasında, Avropa məkanında bəzi ölkələrə nümunə göstərilir. Bu gün Azərbaycanda 5 min tələbənin xaricdə təhsil alması ilə bağlı proqram var. Lakin gənclər siyasəti təksə təhsil almaqla bağlı deyil, onların ictimai diaspora fəaliyyətləri, dərsdənkənar həyatları var. Düşünürəm ki, buna da ciddi önəm vermək lazımdır.
Vaxtilə ulu öndər Azərbaycan gənclərini SSRİ-nin müxtəlif ali məktəblərində təhsil almağa göndərirdi. Həmin insanlar bu gün Azərbaycana xidmət göstərirlər. Düşünürəm ki, bu gün də Azərbaycan gənclərinə göstərilən diqqət, qayğı nəticəsində 10–15 ildən sonra onlar Azərbaycanın gələcəyinə xidmət göstərəcəklər. Bu gün burada əyləşən insanların əksəriyyəti, hörmətli maliyyə naziri də həmin insanlar kimi vaxtilə Azərbaycandan kənarda təhsil alıb.
Digər sonuncu məsələni yekunlaşdırmaq istəyirəm. Dünən həmkarlarımızdan biri Bakı–Naxçıvan reysi ilə bağlı bəzi fikirlər söylədi. Mən bəzi dostlarımızla araşdırma apardım. 2007-ci ildə AZAL Tarif Şurasına təklif verib ki, həmin reysə biletin qiyməti 40 manatdan 95 manata qaldırılsın, lakin o zaman bu təklif qəbul olunmayıb. Təxminən 2 ildir AZAL 34 manat dotasiya ödəyir, 20 manat da dövlət tərəfindən dotasiya ödənilir. Bu gün dünyada iqtisadi böhrandır. Heç bir şirkət bu qədər vəsaiti, 55 manatı özü ödəyə bilməz. Ona görə də düşünürəm ki, düzgün addımdır, gələcəkdə bu siyasəti davam etdirmək lazımdır. Sonda bütün həmkarlarımı bu layihəyə səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Nizami Cəfərov.
N. Cəfərov. Sağ olun. Hörmətli Sədr, hörmətli hökumət nümayəndələri! Biz büdcə layihəsini Mədəniyyət komitəsində də müzakirə etmişik. Demək olar ki, komitənin bütün üzvləri büdcədə ayrılan vəsaitlə razılaşıblar. Onu da deyim ki, bu o qədər də az vəsait deyildir. Mədəniyyət, incəsənət elə sahədir ki, buraya nə qədər vəsait versək, yenə də az olacaq. Bu, ümumi bir məsələdir. Amma təbiidir ki, bu vəsait daxilində optimal bölgülərin aparılması üzərində də düşünmək olar. Mən heç istəməzdim ki, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi bir başlıq altında getsin. Doğrudur, bunlar ayrılır. Amma konseptual yanaşma üçün müəyyən problemlər də yarada bilir. Mədəniyyət çox ümumi bir hadisədir. Burada daha çox xərc incəsənətə sərf olunur. Yazıçılıq, rəssamlıq, kino işi, təsviri sənətin müxtəlif sahələri, bəstəkarlıq bir-biri ilə mümkün qədər, ya proqramlar şəklində, ya da ümumi sahə texnologiyaları üzrə daxili ayrılma kimi getməlidir ki, vəsaitin lazımi şəkildə sərf olunmasına imkan yaransın. Ümumiyyətlə, hamımız yaxşı bilirik ki, iqtisadi sahədə, sosial sahənin başqa istiqamətlərindən fərqli olaraq mədəniyyət-incəsənət sahəsində normal qanunvericilik imkanları zəif olur, yəni burada qanunvericilik texnologiyasının özü çox ağırdır, çünki sərt müddəalar vermək mümkün deyil. Deyək ki, iqtisadi proqnozlar vermək olur, mədəni, ədəbi proqnozlar vermək olmur. Üzeyir Hacıbəyov əsrdə bir dəfə həyata gələ bilər və yüz bəstəkarı əvəz edər. Ya bir dahi rəssam həyata gələ bilər. Bizim maliyyə resurslarımız da elə istiqamətlənməlidir ki, biz belə dahiləri maliyyələşdirə bilək. Yəni incəsənətin kütləvi maliyyələşdirilməsi, bilirsiniz ki, nəticə etibarilə maliyyə itkisinə gətirib çıxarır. Odur ki, istənilən formada istedad və həmin istedadın cəmləşdiyi qrup maliyyələşdirilməlidir. Çox uğurlu haldır ki, bizim ümummilli liderimiz sonra bunu bərpa etdi. Bizim yaşlı və gənc nəsil sənətkarlarımıza təqaüdlər ayrılır və bu təqaüdlər də lazımi şəkildə həmişə gedib yerinə çatır. Amma bununla yanaşı, burada da sistemli bir münasibət yaratmaq yenə çox çətindir. Yəni kimlərə həmin təqaüdlər təqdim olunur, təqaüdün həcmi nə qədər olmalıdır, istedad faktoru nədir? Bax, bu məsələlərdə, əlbəttə, böyük çətinliklərimiz var. Təbiidir ki, bu məsələlər büdcə problemi ilə, yəni büdcənin texniki tərəfi ilə bağlı deyil. Amma rəqəmlər halında bizim qarşımızda dayanan büdcə münasibətlərinin arxasında iş olmalıdır. Xüsusilə incəsənət sahəsində yaradıcı iş olmalıdır. Bax, bu istiqamət, mənə belə gəlir ki, göstərilməlidir.
Mənim bir xahişim də var. Bizim Ədəbi əlaqələr və tərcümə mərkəzimiz var. Bunu hər dəfə deyirik, artıq hörmətli Samir müəllimə də müraciət etmişik. Onun büdcəsi Yazıçılar Birliyinin büdcəsi tərkibində göstərilir. Amma “Azərbaycan” jurnalı, “Ədəbiyyat” qəzeti, “Ulduz” jurnalı kimi ayrıca göstərilsin, çünki həmin mərkəz öz vəsaitlərini normal şəkildə sərf edə bilmir.
Kifayət qədər yüksək səviyyədə hazırlanmış bir büdcədir. Böhran dövrünün mədəniyyətə təsiri məlumdur, amma mədəniyyət, incəsənət elə sahələrdir ki, bəzən böhran dövründə daha gözəl əsərlər verə bilir. Odur ki, biz bu məsələlərə elə yanaşaq ki, ayrılan vəsait normal xərclənsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əhməd Vəliyev.
Ə. Vəliyev. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Bu gün müzakirəmizə təqdim olunan büdcə layihəsinə diqqətlə nəzər saldıqda, görürük ki, dünyanı iqtisadi böhran bürüdüyü bir zamanda hörmətli Prezidentimiz cənab İlham Əliyevin apardığı düzgün iqtisadi siyasət nəticəsində ölkəmiz bu böhrandan maksimum müdafiə olunmuş, iqtisadiyyatın dayanıqlığı qorunub saxlanılmış və nəinki tənəzzülə yol verilməmiş, əksinə, mən deyərdim ki, həm də iqtisadi və sosial göstəricilərdə müəyyən artımlara nail olunmuşdur. Bütün bu nəticələr, qeyd olunduğu kimi, nüfuzlu beynəlxalq maliyyə təşkilatları tərəfindən də yüksək qiymətləndirilmişdir.
Büdcə zərfi çox peşəkarlıqla hazırlanmış və layihədə 2010-cu ilin büdcəsinin 2008–2009-cu illərlə müqayisəsi aydın şəkildə aparılmış və bugünkü reallığı tamamilə əks etdirmişdir. Hörmətli həmkarlar, burada bəzi millət vəkilləri 2010-cu ilin büdcəsinin azalması haqqında fikirlər söylədilər. Bununla əlaqədar hesab edirəm ki, 2010-cu ilin büdcəsinin müəyyən qədər azalmasına baxmayaraq, ölkəmizin dinamik inkişafı əvvəlki templə davam edəcəkdir. Ona görə ki, büdcə layihəsi sosial yönümlü olmaqla, qeyd edildiyi kimi, həm də investisiya yönümlüdür. Qeyd etmək istərdim ki, builki dövlət büdcəsinin mədaxil və məxaric hissəsinin əvvəlki ilə nisbətən aşağı rəqəmlərlə verilməsinə baxmayaraq, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, vergi ödəyicilərinin hüquq və mənafelərinin qorunması və genişləndirilməsi istiqamətində aparılan vergi siyasətini müsbət mənada qiymətləndirmək lazımdır. Belə ki, fiziki şəxslərin gəlir vergisinin və hüquqi şəxslərin mənfəət vergisinin dərəcələrinin ilbəil aşağı salınması, fiziki şəxslərlə hüquqi şəxslərin hüquq bərabərliyinin tarazlaşdırılması bugünkü vergi siyasətinin ən mühüm prioritetlərindən biridir. Hesab edirəm ki, vergi dərəcələrinin ilbəil aşağı salınması sahibkarlıq fəaliyyətinin inkişafına öz müsbət təsirini göstərəcək və gələcəkdə vergi daxilolmaları lazımi səviyyədə artırılacaqdır.
Düşünürəm ki, əvvəlki illərdə büdcə layihəsinə və görülən işlərə diqqətlə nəzər salaraq, bir qədər elmi yanaşma ilə məntiqi təhlil aparsaq, 2010-cu ilin büdcəsinin nəinki azalmasını, əksinə, onun artmasını müşahidə etmək belə mümkündür. Ona görə ki, artıq çox sahələr müəyyən mənada qurulmuş və oturuşmuş olduğundan həmin sahələrə ya tamamilə vəsait sərf edilməyəcəkdir və yaxud az miqdarda sərf olunacaqdır. Məsələn, təhsil, səhiyyə, mədəniyyət və sair sahələrə nəzər salsaq, görərik ki, artıq təhsilimizin maddi-texniki bazası lazımi səviyyədə qurulmuş, yeni informasiya- kommunikasiya texnologiyaları ilə təchiz olunmuş, səhiyyə sahəsində nəinki Bakıda, hətta bölgələrdə belə yüksək səviyyəli diaqnostika mərkəzləri tikilmiş, eyni zamanda, dünya standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuş idman kompleksləri, ölkə miqyasında yol-tikinti abadlıq, quruculuq işləri aparılmışdır və sair. Təəssüf ki, görülən işlərin hamısını qeyd etmək mümkün deyildir.
Büdcə layihəsində sosial sahəyə ayrılan vəsaitə diqqət yetirsək, görərik ki, büdcədə yaşayış minimumunun artması, eyni zamanda, əmək qabiliyyətlilər, pensiyaçılar, uşaqlar üçün müavinətlərin və ehtiyac meyarının artırılması nəzərdə tutulmuşdur. Bütün bu qeyd olunanlara söykənərək demək olar ki, büdcə layihəsi həyati reallığa əsaslanaraq, bütün sahələri təmin edə biləcək çox ehtiyatlı və düşünülmüş şəkildə boş aktivizmi rədd edərək, gələcək proqnozlara söykənərək hazırlanmışdır. Belə bir kəlam var, deyir: “yaxşı ağıl hələ azdır, əsas məsələ onu yaxşı tətbiq etməkdir”. Bu baxımdan hesab edirəm ki, maliyyə vəsaitini qazanmaq asandır, nəinki onu xərcləmək. Bunun üçün yüksək ağılla bərabər, yüksək peşəkarlıq da lazımdır.
Hesab edirəm ki, bugünkü iqtisadi böhrandan xilas olmaq üçün ölkə başçısının rəhbərliyi ilə aidiyyəti qurumların peşəkarlığı bu günümüzün, büdcəmizin formalaşmasının bariz nümunəsidir. Bu nöqteyi-nəzərdən müzakirəmizə təqdim olunan büdcə layihəsindən görünür ki, Azərbaycanın bütün uğurları hörmətli Prezidentimiz cənab İlham Əliyevin və onun komandasının apardığı ehtiyatlı, balanslaşdırılmış, düzgün iqtisadi siyasətin məntiqi nəticəsidir. Bütün qeyd etdiklərimi ümumiləşdirərək, deyə bilərəm ki, artıq ölkəmizdə çox güclü bir iqtisadi model formalaşmışdır və bu modelə daxil olan...
Sədrlik edən. Çox sağ olun. Səməd Seyidov.
S. Seyidov. Çox sağ olun cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Həmkarlarım kimi mən də büdcə layihəsini təhlil edərək, qənaətə gəlmişəm ki, doğrudan da, bu sənəd reallığı əks etdirərək, inkişafa əsas yaradan sənəd kimi qiymətləndirilməlidir. Biz də Beynəlxalq münasibətlər komitəsində büdcəni ətraflı, geniş təhlil etmişdik və təhlillər göstərdi ki, təqdim olunmuş sənəd, doğrudan da, Azərbaycanın inkişafına, Azərbaycanın ən vacib sahələrindən biri olan xarici əlaqələrini daha da geniş şəkildə təmsil etməyə əsas yaradır. Mən bununla əlaqədar bir neçə misal çəkmək istəyirəm.
Başqa sahələrdən fərqli olaraq, beynəlxalq münasibətlərə vəsait azalmayıb, əksinə, çoxalıb. Bu da tamamilə düzgün və məntiqli bir addımdır. Mən bununla əlaqədar olaraq, Maliyyə Nazirliyinə, xüsusilə hörmətli cənab nazirə, Samir müəllimə öz minnətdarlığımı bildirmək istəyirəm. Nəzərə almaq lazımdır ki, hörmətli həmkarlar, bir neçə müddət bundan əvvəl biz parlamentdə 5 əlavə səfirliyin, nümayəndəliklərin açılması ilə bağlı qərar vermişdik. Bu gün Azərbaycanın fəaliyyətdə olan 65 səfirlik, konsulluq, nümayəndəliklərinin sırasına beşi də əlavə olundu və yeniləri də əlavə olunacaq. İndi siz təsəvvür edin, balaca ölkə üçün 70-ə yaxın səfirlik, nümayəndəlik, konsulluğun fəaliyyətini təşkil etmək, maliyyələşdirmək nə dərəcədə çətin, əhəmiyyətli bir işdir. Ancaq buna baxmayaraq, maliyyədə bir problem yoxdur və əksinə, maliyyələşmə yüksəlib ki, azalmayıb.
Mən konkret rəqəmlərlə bu məsələni qeyd etmək istəyirəm. 2008-ci ildə səfirliklərin, nümayəndəliklərin saxlanılması üçün 45 milyondan çox vəsait ayrılmışdırsa, 2010-cu ildə 51 milyona yaxın vəsait ayrılır. Bu özü-özlüyündə vacib və əhəmiyyətli bir məsələdir və xahiş edirəm, həmin məsələni biz nəzərə alaq.
İkinci, çox vacib və hesab edirəm ki, həddindən artıq əhəmiyyətli olan bir məsələ Azərbaycanda diplomatik akademiyanın yüksək səviyyədə tikilməsi, qurulması və fəaliyyətə başlaması ilə bağlı Maliyyə Nazirliyinin büdcədən vəsait ayırmasıdır. Bu həm ali diplomatik kadrların, həm də Azərbaycanın dünyada təmsil olunması üçün yeni, yüksək səviyyəli peşəkar mütəxəssislərin formalaşmasına xidmət edəcək. Mən hesab edirəm ki, bu məsələnin büdcəyə daxil edilməsi ilə bağlı yalnız müsbət fikirlərimizi söyləməliyik.
Biz bilirik ki, dünyada gərgin proseslər gedir. Hazırda Azərbaycanın nə dərəcədə xarici əlaqələrə, bunların inkişafına ehtiyacı var. Mən tam səmimi komitə adından və öz adımdan deyim ki, dünyanın böhran içərisində olmasına baxmayaraq ən ağrılı məsələlərimizə, yəni beynəlxalq əlaqələrə, Qarabağ məsələsinə kifayət qədər vəsait ayrılmışdır. Təbii, biz daha çox istəyərdik ki, 2–3 dəfə, 4–5 dəfə artıq olsun, ancaq reallığı nəzərə almaq lazımdır. Maliyyə Nazirliyi, hesab edirəm ki, bu reallıqları nəzərə almışdır.
Sonda, təhsil sistemi ilə bağlı burada bir neçə həmkarımız çıxış etdi. Onlar fikirlərini dedilər. Ali təhsildə gedən islahatlar, hesab edirəm ki, ən yüksək səviyyədə öz əksini tapır. Mən bu haqda çox danışmaq istəmirəm, bilirəm ki, məndən sonra Şəmsəddin müəllim danışacaq. Ancaq hesab edirəm ki, millət vəkilləri ali məktəblərin işi ilə yaxından tanış olsalar, görərlər ki, doğrudan da Prezidentin sərəncamları yüksək səviyyədə tətbiq olunur. Sağ olun.
Sədrlik edən. Sağ olun. Şəmsəddin Hacıyev.
Ş. Hacıyev, Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri və media işçiləri! Mən qeyd etmək istəyirəm ki, artıq üçüncü gündür büdcə haqqında söhbətlər, müzakirələr gedir. Qeyd olunduğu kimi, Elm və təhsil komitəsi Mədəniyyət və Regional məsələlər komitələri ilə birlikdə təqdim olunmuş büdcə sənədini geniş müzakirə etmiş, qiymətləndirmiş, təhlil etmişdir. Təqdim olunan sənəd, əsasən, bütün bəndlər, parametrlər üzrə bəyənilib, dəstəklənib və Milli Məclisin plenar iclasına müzakirə edilməyə tövsiyə olunub. Mən bəri başdan deyirəm ki, büdcə layihəsinə müsbət səs verəcəyəm və deputat həmkarlarımı da bu sənədlər toplusuna müsbət səs verməyə dəvət edirəm. Bir neçə məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm.
Artıq il yarıma yaxın bir müddət ərzində Azərbaycan, demək olar ki, dünyanı bürümüş böhran şəraitində fəaliyyət göstərir. Bu müddət ərzində Azərbaycan bütün dünyaya bəyan etdi ki, onun iqtisadiyyatı davamlı inkişaf yolundadır, Azərbaycan böhrana və bundan sonra da baş verəcək bu kimi təsirlərə tamamilə dayanıqlı bir ölkədir. Baxmayaraq ki, böhran şəraitində, demək olar, dünyanın hətta ən aparıcı ölkələrinin iqtisadi göstəriciləri xeyli aşağı endi, amma Azərbaycanda iqtisadi artım əldə olundu. Bu dövr ərzində aparılan düzgün, düşünülmüş iqtisadi siyasət Azərbaycanı dünya birliyinə tamamilə yeni statusda təqdim etməyə əsas verdi. Bu bir mütəxəssis kimi məni çox fərəhləndirir.
Azərbaycanda artıq keçid dövrü başa çatıb. Azərbaycan inkişaf etməkdə olan ölkə statusu kimi bir status əldə edib və bu status Azərbaycana çox şeylər vəd edir. Mən bir daha təkrar edirəm ki, son 6 ildə aparılan düşünülmüş iqtisadi siyasət bu gün Azərbaycanı iqtisadi cəhətdən təhlükəsizliyini tam təmin edən bir ölkəyə çevirmişdir.
Bir məsələni qeyd etmək istəyirəm. Dünən gizli iqtisadiyyat haqqında bəzi söhbətlər getdi. Mən belə hesab edirəm ki, iqtisadi maarifləndirməyə çox ehtiyac var. Əvvəla, gizli iqtisadiyyatdan danışarkən mütləq, heç olmasa, bilmək lazımdır ki, gizli iqtisadiyyat nədir, onun göstəricilər sistemi nədir, hansı metodologiya ilə hazırlanır və mahiyyəti nədən ibarətdir? Belə faktlar olub. Avstriyanın iqtisadçı alimi Fridrix Şnayder hər il dünyanın 165 ölkəsi üzrə gizli iqtisadiyyatın səviyyəsini hesablayır və bu hesablamalarda onun metodoloji yanaşmasının əsasında iqtisadiyyatın nağd pula olan tələbatı göstərilir. Mən nəzərinizə çatdırmaq istəyirəm ki, BMT tərəfindən bu cür hesablama qəbul olunmayıb. BMT-nin hətta mavi kitabı – qanunvericilik topluları var, orada həmin metod spikulyativ bir yanaşma kimi öz əksini tapıb.
Burada iqtisadçılar əyləşiblər, yəqin, mənimlə razılaşarlar ki, nağd pula olan ehtiyaca əsaslanan metodologiya ilə gizli iqtisadiyyatı hesablamaq qətiyyən düzgün deyil. Digər bəzi mənbələr də var. Məsələn, Amerikanın bir sıra sərbəst ekspert qrupları gizli iqtisadiyyatın həcmini hesablamaq üçün əsas amil kimi korrupsiyanın səviyyəsini götürürlər. Mən nəzərinizə çatdırmaq istəyirəm ki, korrupsiya yeni dəyər yaratmır, ona görə də gizli iqtisadiyyata bunun heç bir aidiyyəti yoxdur. Gizli iqtisadiyyat yalnız iqtisadi fəaliyyətdə, yəni istehsal və xidmətlərin istehsalında, sferasında mövcud ola bilər. Yəni vergidən yayındırılan və sair bu kimi faktlara əsaslanmaqla hesablanmalıdır. Bu mənada mən bir qədər bu məsələyə aydınlıq gətirmək istəyirdim. O ki qaldı bizim Dövlət Statistika Komitəsi...
Sədrlik edən. Sağ olun. Heç kim inciməsin, reqlamentimiz 5 dəqiqədir. Bəxtiyar Sadıqov.
B. Sadıqov. Çox sağ olun. Hörmətli sədarət, hörmətli qonaqlar, hörmətli millət vəkilləri! Dövlət büdcəsi növbəti ildə Azərbaycan xalqının necə yaşayacağını, Azərbaycan iqtidarının hansı sahələrə, hansı məsələlərə üstünlük verəcəyini özündə dolğun əks etdirir. Bütövlükdə dövlət büdcəsi, mənim hörmətli həmkarlarımın da qeyd etdikləri kimi, Azərbaycan xalqının, Azərbaycan dövlətinin bütün maraqlarını özündə əks etdirir. Yenə də əvvəlki illərdə olduğu kimi, büdcəmiz sosial yönümlü, investisiya tutumlu, müdafiə xarakterlidir və bütün bunların da hamısı növbəti illərdə də qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsinə, Azərbaycan xalqının rifahının yüksəldilməsi istiqamətində müəyyən addımlar atılmasına imkan verəcəkdir. Bütün bunlara görə mən də bu büdcəyə səs verəcəyəm və həmkarlarımı da buna çağırıram.
Mən bir məqama toxunmaq istəyirəm. Azərbaycan hüquqi demokratik dövlət qurur. Hüquqi demokratik dövlətin əsas prinsiplərindən biri mətbuat və söz azadlığının təmin olunmasıdır. Bu sahədə ölkəmizdə ardıcıl və məqsədyönlü işlər görülüb. Ulu öndərimiz Heydər Əliyev tərəfindən mətbuata senzura nəzarəti ləğv oldu və əslində, müstəqil mətbuatın yaranması 1998-ci il avqustun 6-dan hesablanmalıdır və hesablanır. Bundan sonra mətbuatın, ayrı-ayrı qəzetlərin dövlət nəşriyyatına olan borcları donduruldu. Mətbuat əlavə dəyər vergisindən azad edildi və möhtərəm Prezidentimiz cənab İlham Əliyev də bu yolu, kursu uğurla davam etdirir. Mətbuatın 130 illik yubileyi möhtəşəm şəkildə keçirildi, jurnalistlər mükafatlandırıldılar, “Əməkdar jurnalist” adı yenidən bərpa olundu. Mətbuata qayğı bu gün də Azərbaycan iqtidarı tərəfindən uğurla davam etdirilir.
Mətbuatın bir sıra problemləri var. Bunların daha vaciblərini, həllini gözləyənləri qabartsaq, görərik ki, mətbuatın siyasiləşməsi, mətbuatda peşəkarlığın aşağı düşməsi, reklam bazarının yoxluğu, mətbuat bazarının kasadlığı, reket jurnalistikasının mövcudluğu kimi məsələlər öz həllini gözləyir. Bu problemləri həll etmək üçün ötən ilin iyun ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzası ilə bir sərəncam qüvvəyə mindi. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası hazırlandı. Mükəmməl bir sənəd, əslində, dövləti maraqlarla müstəqil mətbuatın maraqlarını uzlaşdırdı və bütövlükdə müstəqil mətbuata dövlət tərəfindən yardımı qanuni əsaslandırdı, onun işinə qarışmadan bu yardımı ortaya qoydu. Ötən il bu sahədə xeyli iş görüldü. Ayrı-ayrı qəzetlərə birdəfəlik yardım göstərildi, 40-a qədər, qrant üçün müsabiqə elan olundu. Artıq qrantda qalib gələn qəzetlər öz işlərinə başlayıblar və bundan bəhrələnirlər. Bu iş növbəti illərdə davam etməlidir.
Növbəti ilin büdcəsində bu məqsədlər üçün 2 milyon manat vəsait ayrılması nəzərdə tutulubdur. Baxsaq, görərik ki, 2 milyon manat vəsaitin 700 min manatı büdcədən maliyyələşdirilən ədəbi-bədii qəzetlər üçün nəzərdə tutulub. Əslində, faktik olaraq bu məbləğ ötənilki qədərdir, yəni 1,3 milyon manatdır. Bu isə həmin vəzifələrin yerinə yetirilməsi üçün yetərli deyil. Əvvəla, növbəti ildə Azərbaycan mətbuatının 135 illik yubileyi gəlir. İkinci tərəfdən isə həmin dövlət dəstəyi konsepsiyasından mətbuata kreditlər verilməsi də nəzərdə tutulur. Hökumət biz jurnalistlərin arzusunu nəzərə almalı və bu məqsədlə daha 1 milyon manat əlavə olunmalıdır. Burada belə bir fikir meydana çıxa bilər ki, büdcəyə növbəti ildə baxılması üçün ehtiyac yarananda bunu etmək olar. Ancaq qrant layihələrinin maliyyələşdirilməsinə ilin əvvəlindən başlanır. Belə bir imkan yaransa, lap yaxşı, əlavə 1 milyon da ayrılmış olar və bundan bütövlükdə müstəqil mətbuat, azad söz udmuş olar. Mən arzu edirəm ki, jurnalistlərin bu xahişləri yerinə yetirilsin. Hökumət bunu nəzərə alsın. Bütövlükdə dövlət büdcəsinə səs verəcəyik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən üzr istəyirəm, xahiş edirəm, deputatlar inciməsinlər, mikrofonu mən saxlamıram, avtomat saxlayır. İkram İsrafil.
İ. İsrafil. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və dəyərli mətbuat nümayəndələri! Cənab Sədr,  bir neçə dəfə həmkarlarım tərəfindən məsələ qaldırılıb ki, millət vəkili çıxış edir, fikri tamamlanmamış, cümlə bitməmiş mikrofon kəsilir. Hər halda bütün millət vəkilləri və sizlər də digər ölkələrin parlamentlərində iştirak etmisiniz. Qayda qoymaq lazımdır, heç olmasa, vaxt bitənə 1 dəqiqə qalmış ya Sizin tərəfinizdən, ya da mikrofonda işığın yanıb-sönməsi ilə xəbərdarlıq edilsin ki, deputat fikrini tamamlaya bilsin. Bu çox xoşagəlməz bir haldır.
Artıq 3 gündür büdcə müzakirə olunur. Büdcə ilə ilk tanışlıqdan belə məlum olur ki, növbəti ilin büdcə gəlirləri bu ilin proqnoz göstəriciləri ilə müqayisədə 18 faiz və ya 2,162 milyard manat azaldılaraq 10,015 milyard manat nəzərdə tutulub. Adətən, artımla proznozlaşdırılan, lakin hətta ona da baxmayaraq, həmişə ölkənin mövcud maliyyə potensialına adekvat olmayan büdcənin indiki hakimiyyət dövründə ilk dəfə olaraq kəskin azalma ilə proqnozlaşdırılması bu hakimiyyətin maliyyə-büdcə siyasətində yeni, lakin daha pis mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu mərhələdə azalan gəlirlərin, bir sıra vacib xərclərin, o sıradan təhsil, elm, səhiyyə, sosial təminat, kənd təsərrüfatı xərclərinin azaldılmasını şərtləndirir.
Ölkədə məşğul əhalinin əsas hissəsinin bu sahələrdə çalışdığını nəzərə alsaq, onda həmin azalmanın yalnız kəmiyyət səviyyəsi daşımayacağını, birbaşa, xüsusilə də azgəlirli ailələrin büdcəsinin azalmasına, bütövlükdə işsizliyin artımına gətirib çıxaracağını indidən demək mümkündür. Ərzaq məhsullarının sürətlə bahalaşdığı, əhaliyə satılan qazın, metroda gediş haqlarının bir neçə dəfə artırıldığı indiki şəraitdə büdcə sektorunda işləyənlərin əmək haqlarının gəlirlərinin əhəmiyyətli artımını planlaşdırmayan hökumət, yenə də hətta azalan büdcə vəsaitlərini siyasi hakimiyyətin qorunmasına, mühafizəsinə yönəltmək niyyətindədir. Belə ki, ümumi azalmanın fonunda 2010-cu ilin büdcəsində məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərclərinin, bütövlükdə isə idarəetmə xərclərinin artırılması planlaşdırılır. Belə yanaşma hazırkı hakimiyyətin siyasi mahiyyətindən irəli gəlir və rejimin möhkəmləndirilməsində büdcə imkanlarının maksimum səfərbər olmasına xidmət edir.
Gələn ilin büdcəsində narahatlıq doğuran məqamlardan biri də qeyri-neft sektorundan daxilolmaların bu illə müqayisədə 620 milyon manat və ya 20 faizdən çox azalacağı halda büdcə mədaxilində neft gəlirləri hesabına daxilolmaların daha üstün templə proqnozlaşdırılmasıdır. Qlobal maliyyə böhranının təsirindən iqtisadiyyatda və büdcədə əhəmiyyətli problemin yarandığını bilə-bilə yenə büdcə gəlirlərinin neftin hesabına formalaşdırılması kursuna üstünlük verməklə proqnozlaşdırılmasına yalnız səriştəsiz hökumətlər rəvac verə bilərlər. Uzun illər neft sektorundan kənarda alternativ görməyən siyasi hakimiyyət bu gün parlamentin müzakirəsinə təqdim etdiyi büdcə layihəsi ilə öz iqtisadi siyasətini, iflasını bir daha nümayiş etdirdi.
Həmişə regionların sosial-iqtisadi inkişafından danışan hakimiyyətin proqnozlarına görə, növbəti ilin büdcəsində yerli gəlirlərin cəmisi 4,6 faiz təşkil etməsi deyilənlərin təbliğat xarakteri daşıdığını və heç bir iqtisadi fakta söykənmədiyini sübut edir. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 7,4 milyard manat vəsait xərcləyən regionlar hətta 5 ildən sonra belə, büdcəyə töhfə vermək qabiliyyətində deyildir. Çünki hədəfli büdcə vəsaitləri və qeyri-sahibkarların məcburi qoyuluşları hesabına bir neçə parkın salınmasını təşkil edən regionların sosial inkişaf proqramından bundan savayı nə isə gözləmək, əlbəttə, mümkün deyil.
2010-cu ilin büdcə layihəsi ilə tanışlıq bir daha göstərir ki, növbəti ildən iqtisadiyyatın real sektorunun büdcə sferasında çalışanların və pensiyaçıların sosial vəziyyəti indikindən də pis olacaq. Bu isə o deməkdir ki, hazırkı siyasi hakimiyyət bəyan etdiyi siyasi və iqtisadi kursun əksinə olaraq iqtisadiyyatda real sektorun, azad sahibkarlığın inkişafında, xalqın rifah halının yaxşılaşmasında maraqlı görünmür. Bütün bunları nəzərə alaraq hökuməti 2010-cu ilin dövlət büdcəsinin xərc prioritetlərini diqqətlə nəzərdən keçirməyə yalnız siyasi hakimiyyətin özəl maraqlarına xidmət edən xərc maddələrində deyil, sosial rifaha, tərəqqiyə müsbət təsir edən xərc istiqamətlərinin artırılmasına nail olmağa çağırıram. Hesab edirəm ki, hökumət həmin dəyişiklikləri edəcəksə, biz də bu redaksiyada büdcəyə səs verə bilərik. Əks təqdirdə bu redaksiyada qalacaqsa...
Sədrlik edən. Sağ olun. Hörmətli İkram müəllim, çıxışa başlayandan tabloda dəqiqələr yazılır, hərdən baş qaldırıb baxmaq olar. Lazımdırsa, köhnə, qaydaya keçək ya buraya bir çəkic, ya da zəng qoyaq. Eldar Quliyev.
E. Quliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Məlum olduğu kimi, ötən ilin ortalarından başlayan iqtisadi maliyyə böhranı dünyanın iqtisadiyyatına ağır zərbələr vurduğu bir şəraitdə bu böhranın dağıdıcı təsirindən ən az zərərlə çıxmaq, gələcək inkişaf üçün zəmin hazırlamaq vacib məsələlərdən biridir. Bu baxımdan təqdim olunmuş büdcə zərfinin 2009-cu ilin gözlənən nəticələrinə dair məlumatları Azərbaycan Respublikasının böhranın acı nəticələrindən bacarıqla qorunan ölkələrdən biri olduğunu deməyə əsas verir. Bunu böhranla əlaqədar Dünya Bankının yaydığı açıqlamalar bir daha sübut edir. Bununla yanaşı, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiya olunması ilə əlaqədar iqtisadiyyatımızın müəyyən dərəcədə xarici amillərlə bağlı olduğundan mövcud qlobal maliyyə iqtisadi böhranın Azərbaycanın iqtisadiyyatına tamamilə təsirsiz ötüşməyəcəyi məlumdur. Bununla əlaqədar büdcə layihəsinin real vəziyyəti qlobal böhranın dünya iqtisadiyyatına bundan sonrakı təsirinin, dünyada gedən iqtisadi proseslərin nəzərə alınmaqla hazırlanması təqdirəlayiqdir. Layihədə müəyyən edilən hədəflərin real vəziyyəti əks etdirdiyini nəzərə alaraq onun lehinə səs verəcəyimi bildirirəm və deputat həmkarlarımı da buna səs verməyə çağırıram.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hökumətin ölkədə apardığı antiböhran tədbirlərini bütövlükdə dəstəkləyirəm. Təqdim olunmuş büdcənin mədaxil hissəsinin diqqəti cəlb edən əsas məqamlarından biri əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də bu büdcədə xərclərin əsas prioritet sahələri sosial və investisiya yönümünün təmin olunmasıdır. Bu, sosial məsələlərin gələn il də hökumətin diqqət mərkəzində olacağı və sonrakı illərdə də iqtisadi inkişaf üçün əlverişli şərait yaradıldığını göstərir.
Ölkə iqtisadiyyatının mühüm sahələrindən biri olan aqrar sahədə bu il uğurlu nəticələr əldə edilmişdir. Proqnozlara görə, 2009-cu ilin sonunda kənd təsərrüfatı üzrə 2,4 milyard manat əlavə dəyər gözlənilir ki, bu da əvvəlki illərə nisbətən 6 faiz çoxdur. 2010-cu ildə 4 faiz artım proqnozlaşdırılır. Əgər keçən ilin ümumi daxili məhsulunda kənd təsərrüfatı 5,8 faiz təşkil edirdisə, bu il 7,7 faiz gözlənilir. Bu da onu göstərir ki, kənd təsərrüfatına yönələn investisiya, subsidiyalar, kreditlər, həmçinin son illərdə aparılan islahatlar müsbət nəticələr verir və aqrar bölmə ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli yer tutur. Bu amili nəzərə alaraq 2010-cu ildə büdcədən kənd təsərrüfatı layihələri üçün 50 milyon 63 min manat investisiya ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2009-cu ildəkindən 95 faiz çoxdur.
Mən hörmətli hökumət üzvlərinin burada iştirak etməsindən istifadə edərək bəzi məsələləri diqqətinizə çatdırmaq istərdim. Məlumdur ki, ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə çox uğurlu və ədalətli aqrar, o cümlədən torpaq islahatları aparılmışdır. Hazırda əsas məsələ torpaqlardan səmərəli istifadə etməklə ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdir. Lakin bir çox səbəblərdən dövriyyədə olan 1 milyon 826 min hektar əkin sahəsinin müəyyən hissəsi istifadə edilməyərək qalıb və dövriyyədən çıxır. Belə ərazilərdən isə qış otlaqlarının sistemsiz olaraq əkinə cəlb olunması nəticəsində səhralaşma baş verib. Qanunvericiliyə uyğun olaraq vaxtaşırı ölkə ərazində olan torpaqların monitorinqi aparılmalıdır. Son vaxtlar belə monitorinqlər aparılmır. Yaxın vaxtlarda kənd təsərrüfatı torpaqlarının vəziyyəti və torpaqlarda baş verən keyfiyyət dəyişikliklərinin öyrənilməsi üçün monitorinq aparılması məqsədi ilə büdcədən vəsait ayrılması ölkəmizdə bu kateqoriyadan olan torpaqlardan səmərəli istifadə olunmasına əlverişli şərait yaradardı. Qiymətli torpaqların eroziyaya uğramasının və keyfiyyətinin dəyişilməsinin qarşısını alardı.
Digər bir məsələ deputat olduğum bölgə ilə bağlıdır. Bilgəh, Zabrat, Maştağa, Nardaran yaşayış məntəqələrində uzun müddət istismarda olan mədəniyyət evləri mövcuddur. Bu obyektlər xeyli müddətdir ki, istismar olunur və hal-hazırda bunların istifadəsi qeyri-mümkündür. Bu da həmin qəsəbələrdə zəruri kütləvi mədəni tədbirlərin keçirilməsinə, gənclərin asudə vaxtlarının səmərəli istifadə edilməsinə imkan vermir. Halbuki bu mədəniyyət evlərində lazımlı təmir işləri aparılarsa, müxtəlif musiqi dərnəkləri, o cümlədən gənclər üçün maraq doğuran Quran dərnəkləri, gənclərin peşəyə yiyələnmələri üçün kursların təşkil olunması və sakinlərin vaxtlarını xoş keçirmələri üçün kütləvi tədbirlərin təşkili üçün şərait yaranardı. Hörmətli maliyyə nazirimiz Samir Şərifovdan...
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və qonaqlar! Mən də deputat həmkarlarımın fikirlərinə tərəfdar çıxaraq 2010-cu il dövlət büdcəsini elmi cəhətdən əsaslandırıldığını və mükəmməl hazırlandığını qeyd etmək istəyirəm. Büdcə ölkə həyatında baş verən sosial, iqtisadi, mədəni inkişafın parametrləri, qazanılan nailiyyətlərin göstəriciləri isə dövlətimizin rəhbəri cənab İlham Əliyevin ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna sədaqətinin, xalqın rifahının yüksəldilməsinə göstərdiyi qayğı və diqqətin ifadəsidir. Dünya maliyyə böhranının ölkəmizdə elə bir ciddi problemlər yaratmaması aparılan uğurlu siyasətin düşünülmüş olduğunu, iqtisadiyyatımızın davamlılığını sübut edir. Mən büdcə layihəsinin lehinə səs verəcəyəm və deputat həmkarlarımı da mənimlə həmrəy olmağa dəvət edirəm. Müəyyən fikirlərimi də söyləmək istərdim.
Büdcədə müdafiə xərclərinə ayrılan vəsait bu gün üçün məqbul sayılsa da, yeri gəlsə, duzumuzdan, çörəyimizdən kəsib ölkənin müdafiəsinə əlavə vəsaitin qoyulmasına tərəfdaram. Büdcənin formalaşmasında əsas rol oynayan neftin 45 dollardan hesablanmasını, reallığa əsaslandırıldığını bildirirəm və bu, düşünülmüş bir rəqəmdir.
Büdcədə bələdiyyələrə ayrılmış 3,5 milyon manat vəsait –mindən çox bələdiyyənin birləşməsini nəzərə alsaq, – yerli özünüidarəetmə orqanlarının maliyyəsinə müəyyən köməkdir. Ancaq bu vəsaitin işləməyən bələdiyyələrə ayrılmasının tərəfdarı deyiləm. Həmin vəsaiti öz işini düzgün quran, əhalinin tələbatını ödəməyə, yerli əhəmiyyətli sosial-iqtisadi məsələləri müvəffəqiyyətlə həll etməyə qadir olan 200–300 bələdiyyə arasında bölünməsi daha yaxşı olardı. Belə olan halda həmin bələdiyyələr daha əhəmiyyətli və səmərəli iş görə bilərlər. 10 ilə yaxın bir müddətdə fəaliyyət göstərmələrinə baxmayaraq, bir çox bələdiyyələrin inzibati binalarının, texniki vəsaitlərinin olmaması narahatlıq doğurur. Yerli özünüidarəetmə orqanları ölkəmizə demokratiyanın mütərəqqi nümunəsi olmaqla daimidir, inkişafdadır və qarşıdan gələn seçkilərdən sonra onlar bir daha formalaşacaqlar. Belə olan halda bələdiyyələrə özləri üçün inzibati bina tikmək, iş şəraitini yaxşılaşdırmaq üçün güzəştli kreditlərin, subsidiyaların verilməsi işimizin xeyrinə olardı.
Mən kütləvi informasiya vasitələrinə və qeyri-hökumət təşkilatlarına büdcədən ayrılan vəsaitin artırılmasını ölkəmizdə bu orqanlara, söz azadlığına, vətəndaş cəmiyyəti quruculuğuna göstərilən qayğı və diqqətin ifadəsi kimi qiymətləndirirəm. Ancaq bu gün bəzi informasiya vasitələri istisna olmaqla həmin orqanların bir çoxunun mövqeyi aydın, fəaliyyəti hələ də məlum deyil. Elə bilirəm ki, ayrılmış vəsait gözdən pərdə asmaq üçün keçirilən səmərəsiz tədbirlərə, qərəzli informasiyanın yayılmasına deyil, jurnalistlərin, mütəxəssislərin peşəkarlığının artırılmasına, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına, yaxşıların mükafatlandırılmasına, kadr hazırlığına sərf edilməlidir.
Ölkəmizin sürətli sosial inkişafının, regionların tərəqqisinin vüsət aldığı bir zamanda geridə qalan kənd təsərrüfatının vəziyyəti insanları haqlı olaraq narahat edir. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının tədarükünün, saxlanılmasının, satışının təşkil edilməsi çox vacibdir. Kənd təsərrüfatının inkişafına yönəldilən tədbirlərin həyata keçirilməsində bir sistemlilik, ardıcıllıq yaradılmalıdır. Bu sahədə pərakəndə hallar mövcuddur. Pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının zəruriliyi barədə son zamanlar Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tərəfindən tez-tez səsləndirilən bəyanatları əhəmiyyətli və düzgün hesab edirəm. Ancaq bu çətin və əhəmiyyətli sahənin inkişaf etdirilməsini bir nazirliyin üzərinə atmaq düzgün deyil. Kənd təsərrüfatının inkişafına kömək ümumxalq vəzifəsidir və bizim gələcəyimiz üçün çox vacibdir.
İctimai televiziya Azərbaycanın ictimai, siyasi, sosial-iqtisadi, mədəni həyatını canlandırmaq, ölkəni dünyada tanıtmaq baxımından faydalı iş görür. Büdcədə telekanalın nəzarətdə saxlanmasını təklif edərdim.
Ürək qüsurlu insanların əməliyyat olunmasına diqqətin artırılması barədə deputat həmkarlarımın fikirləri ilə mən də razıyam.
Sonda ölkədə inkişafın və demokratiyanın olmadığını, büdcənin xalqın tələbatına cavab vermədiyini söyləyənlərə, bəzi tərifli sözlər söyləməkdə ittiham edənlərə bir məsləhətim var. Qoy onlar heç uzağa getməsinlər. Oturduqları Milli Məclisin 1990-cı illərin əvvəllərində güllə-baran edilən divarlarını, xarabalığa çevrilən otaqlarını, hər anı qoçu davasına bənzəyən iclaslarını, xalqın ac-yalavac günlərini xatırlasınlar. Bugünkü azad, demokratik, az bir müddətdə tanınmaz dərəcədə dəyişən Milli Məclislə müqayisə etsinlər.
Sədrlik edən. Çox sağ olun. Şəmsəddin müəllim, sualınız varsa, buyurun.
Ş. Hacıyev. Çox sağ olun. Bizim 12 bənddən ibarət təkliflərimiz var. Mən onu hörmətli Samir müəllimə təqdim edəcəyəm. Nəzərə alsalar da, almasalar da, çox sağ olsunlar, əvvəlcədən deyirəm. Bir məsələ məni narahat edir. Builki büdcə layihəsinin gəlirlər hissəsində dövlət müəssisələrinin ödənişli xidmətlərdən əldə etdiyi gəlirləri əks etdirəh maddə öz əksini tapmayıb. Bu gəlirlər Hesablama Palatasının verdiyi məlumata görə, 145 milyon manatdır, bunun da 101 milyon manatı ali təhsil müəssisələrində ödənişli təhsildən və digər büdcədənkənar mənbələrdən daxil olan vəsaitlərdir. Bu məsələ büdcənin gəlir hissəsində nəzərə alınmayıb, amma xərc hissəsində həmin vəsait dövlət büdcəsi kəsirinin ödənilməsi maddəsi kimi nəzərdə tutulub. Bu bir qədər narahatlıq doğurur. Ola bilərmi ki, bu vəsaitdən digər məqsədlər üçün də istifadə olunsun? Bu vəsait ali təhsil müəssisələri üçün çox önəmlidir. İstər maddi-texniki bazanın, istər texniki təchizatın, istər müasir təhsil texnologiyalarının, istərsə də müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bu vəsaitlər çox ciddi bir mənbədir. Universitetləri bu vəsaitdən məhrum etmək düzgün olmazdı. Xahiş edərdim, bu məsələyə bir açıqlıq gətirərdiniz.
Sədrlik edən. Çox sağ olun. Yəqin, Samir müəllim sualınızı cavablandırar. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və media nümayəndələri! Mən çıxışıma başlamazdan əvvəl qonşum, millət vəkili hörmətli Tahir bəyin bizim müxalifətin ünvanına dediyi fikirlərə münasibət birdirmək istəyirəm.
Sual etmək lazım deyil. Bəli, ölkədə demokratiya, söz azadlığı yoxdur. Əgər belə olmasa idi, 2 gün bundan qabaq öz azad fikrinə görə iki perspektivli gənc sifarişli və qərəzli şəkildə həbs olunmazdı. Biz həmin məhkəmələrdə iştirak etmişik. Bu, hakimiyyətin azad sözə olan dözümsüzlüyü və münasibətidir. Ölkədə demokratiya, azadlıq yoxdur, seçkilər saxtalaşdırılır. Bunu biz dəfələrlə bəyan etmişik. Bu, təkcə bizim mövqeyimiz deyil. Beynəlxalq təşkilatların, azad dünyanın Azərbaycana olan münasibətidir. “Bu gün müxalifət zəifdir, gücü yoxdur” deyib ondan qorxan hakimiyyət ona meydanlar vermir, öz gücünü göstərmək üçün dəfələrlə müraciət etməyimizə baxmayaraq, bütün qanunları pozan, Milli Məclisin qəbul etdiyi qanunlara məhəl qoymayan hakimiyyət nümayəndələri indiyə qədər neçə ildir hətta piketin keçirilməsinə belə imkan vermirlər. Çünki qorxurlar, insanların bir yerə yığışıb öz fikirlərini azad surətdə ifadə etmələrindən çəkinirlər. Həmin keçmiş 1 ili isə müqayisə edə bilməzsiniz. O 1 il Azərbaycan xalqının tarixində ən şərəfli ildir. O 1 il Azərbaycanın içərisindən çıxanların Azərbaycan xalqı üçün çalışdıqları ildir və özünə layiq olduğu illərlə gələcəkdə, inşallah, müqayisə olunacaq. Bu illərin də qiymətini gələcək, zaman, tarix verəcək.
Keçirəm büdcə ilə bağlı fikirlərimə. Son illərin bir qayda olaraq, artan büdcə imkanları fonunda cari ilin 9 ayının büdcəsinin 19 faiz kəsirlər icrası və bu ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 2010-cu ilin büdcə gəlirlərinin 18,9 faiz azalmasını mən yalnız və yalnız qəsd büdcəsi, iqtisadiyyata, sosial həyata, xüsusilə də elmimizə, təhsilimizə, səhiyyəmizə qəsd büdcəsi adlandırıram. Özü də bu qəsd büdcəsini elə bil ki, hökumət qəsdən ölkədə sosial gərginlik yaratmaq üçün edib. 2010-cu ilin büdcəsi bizə nə vəd edir? Əlbəttə, birbaşa demək olar ki, yaxşı heç nə. Əgər 2009-cu ildə büdcədən bütövlükdə əməyin ödənilməsinə 2,55 milyard manat vəsait nəzərdə tutulmuşdusa, növbəti il bu məbləğ 2,38 milyard manat olacaq. Yəni bu illə müqayisədə əmək haqqına büdcədən 170 milyon manat və ya 6,7 faiz az vəsait xərclənəcək. Demək, büdcədən maaş alanlar gələn il əmək haqqı artımına həsrət qalacaqlar. Bu artım olsa da, çox cüzi olacaq. Baxmayaraq ki, Dövlət Pensiya Fonduna gələn il bu ildəkindən 38 milyon manat çox vəsait transfer olunacaq, amma fondun bütövlükdə büdcəsi bu ilin proqnozu ilə müqayisədə 18,3 milyon manat az olacaq. Fonddan əhaliyə ödənişlər isə bu ilin proqnozları ilə müqayisədə 17 milyon 775 min manat az olacaq. Bu o deməkdir ki, ya pensiyaçılar azalmalıdır, ya da pensiyanın məbləği. Bizim ölkəmiz hər ikisini azaltmaq kursunu götürüb, yəni bir güllə ilə iki quş vurur. Pensiyaçıları da azaldır, pensiya məbləğini də.
Digər tərəfdən də büdcə təşkilatlarının pullu ödənişlərindən daxil olan vəsait kəsirin maliyyələşməsinə yönəldilir. Həmin vəsaitlə universitetlərdə müəllimlərə maddi yardım verirlər ki, aldıqları məbləğ əmək haqqına oxşasın. İndi belə çıxır ki, universitet müəllimlərinin maddi yardımı hesabına gələn ilin büdcəsinin yırtığı yamanacaq. Ayıbdır. Tələbə pulu ona görə ödəyir ki, müəllim ona normal dərs versin, layiqli əmək haqqı verə bilmirik, heç olmasa, professor-müəllim heyətinin maddi yardımını əlindən almayaq. Yəni doğrudan da, hökumət bu qədər kasıblayıb ki, müəllimə verilən maddi yardıma, pensiyaya göz dikir? Axı, hökumət deyirdi ki, 50–100 milyon bizim üçün böyük pul deyil. Onda universitetlərdən yığılan pula niyə tamah salırsınız?
Hökumətin haqqı var bunu deməyə? Məhz bu hakimiyyətin dövründə Əzizbəyov metro stansiyası dairəsində hava limanına gedən avtomobil yolunun layihələşdirilməsi və yenidən qurulmasına üst-üstə 298 milyon manat, Bakı–Quba–Rusiya avtomobil qolunun 180 kilometrinin tikintisi və 120 kilometrinin təmiri üçün üst-üstə 445 milyon manat, Əzizbəyov metro stansiyası dairəsində yol qovşağının tikintisi üçün 129 milyon manat, Ramstor mağazası yol qovşağının tikintisi üçün 96 milyon manatdan çox büdcə vəsaitinin ayrılmasına sizlər qərar vermisiniz. İki yola 743 milyon manat, iki körpüyə 225 milyon manat, 4 obyektə də 1 milyard pul ayrılmasını təklif edən hökumət, qərar verən Milli Məclis nədən indi qəpik sayır? Müəllimin maddi yardımına, pensiyaçının pensiyasına, həkimin məvacibinə göz dikir. Bu büdcəyə səs vermək olarmı? Qətiyyən səs vermək olmaz. Mən növbəti məsələlərdə öz fikrimi bildirəcəyəm.
Sonunda bir məsələyə diqqətinizi çəkmək istəyirəm, hörmətli demokratiya carçıları. Bu il bələdiyyə seçkiləridir və yerlərdə Müsavatın bələdiyyəyə namizədliklərini verən bütün üzvləri dairələrdən çıxarılırlar. Burada təhsil işçiləri, məktəb direktorları xüsusi rol oynayırlar. Onları şantaj edirlər, qorxudurlar, işdən çıxarmağı ilə bağlı...
Sədrlik edən. Çox sağ olun. Hörmətli Arzu Səmədbəyli, büdcədən əvvəl bir az siyasətdən danışdınız. Heç mənim yadıma gəlmir, 1990-cı ildə sən bu siyasətdə var idin, ya yox?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Lap gözəl. İndi yada sal görək, sən o dövrlərdə belə danışa bilərdin, demokratiyadan danışan oğlan?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yerindən danışma. Sən danışdın, cavab verirəm, heç olmasa, qabiliyyətini göstər. Qulaq as, sən yerindən danışırsan, bu da sənin səviyyəni göstərir. Nə deyirsiniz, dözürük, eşidirik. Özün də yerindən danışma.
Mənim dediyim odur ki, sən danışırsan, hamını tənqid edirsən, amma tənqidə bir balaca dözümünüz yoxdur. Hansı demokratiyadan danışırsan? Mən bilirəm ki, siz təzə institut açmısınız deyəsən. Dünya Bankının hesablamalarına görə, Azərbaycan bir nömrəli islahatçı dövlət sayılır. Amma sizin təzə institutunuz belə qərar çıxarıb ki, Azərbaycanda islahat yoxdur. Biz bunların hamısına dözürük. Ona görə də həmkarının çıxışına da dözümlü ol. Olmaz belə. Demokratiyadan danışanlarımız az idi. Hikmət Atayev.
H. Atayev. Çox sağ olun, Oqtay müəllim. Oqtay müəllim, çıxışlar vaxtı mən fikir verdim, bir çox deputat qeyd etdi ki, regionların əksəriyyətində, Abşeronla Bakını çıxmaq şərti ilə büdcədən alınan xərclər büdcəyə verilən xərclərdən çoxdur. Mən də öz iqtisadi savadımı toplayaraq təmsil etdiyim Zaqatala rayonunun iqtisadiyyatını bir balaca araşdırmağa çalışdım və belə bir nəticəyə gəldim. Zaqatalada vaxt ilə tütünçülük inkişaf etmişdi. Zaqatala rayonunda 12 min ton tütün istehsal olunurdu. Son illər tütünçülük tam iflasa uğramışdır. İndi-indi tütünçülük bərpa olunur və ola bilər ki, yaxın illərdə 1000 tona çatsın. Bu da keçmişdə olandan 12 dəfə azdır. Baramaçılıq inkişaf etmişdi, tam iflasa uğradı. Bu gün Zaqatalada az-çox fındıqçılıq var.
Fındıqçılığın da bugünkü vəziyyətini təsvir etmək üçün sizə yaxınlarda şahidi olduğum bir söhbəti deyim. İki nəfər torpaq alğı-satqısı ilə əlaqədar söhbət edirdilər. Torpağın qiymətini dəqiqləşdirdilər. Sonra satıcı dedi ki, həmin torpağın üzərində bir köhnə mal damı var, onun da qiymətini verməlisən. Bunun üstündə mübahisə gedərkən mən dedim ki, sən köhnə, 20 il bundan qabaq tikilmiş, bərbad vəziyyətdə olan mal damının qiymətini istəyirsən, ancaq həmin torpaqda 20–25 fındıq ağacı topu var, onun qiymətini istəmirsən. Dedi: “Ay doktor, fındıqdan nə gəlirim var, həmin topların hərəsi mənə ildə 10 manat gəlir gətirirdi”. Torpağı alan adam da dedi ki, mən torpağı alandan sonra həmin fındıq ağaclarını ləğv edəcəyəm, onların əvəzinə başqa meyvə ağacları əkəcəyəm. Onu da sizə deyim ki, 20 fındıq ağacının yerinə 50 alma ağacı əkmək olar. Ona görə ki, fındıq ağacı çox yer tutur. Başqa ağac əkəndən sonra onun altında, heç olmasa, ot biçmək olar, fındıq ağacının altında onu da etmək olmur.
Vaxtilə torpaq islahatı aparılarkən, fermerlərimizə torpaq sahəsi verilərkən fındıq bağları da paylanmışdır. O vaxt bu çox müsbət hal kimi qəbul olunurmuş, ancaq hazırda fındığın qiyməti almanın qiymətindən 3 dəfə aşağıdır. Mən elə bilirəm, bu çox mənfi haldır. Belə getsə, təhlükə var ki, fındıqçılıq da tədricən tütünçülük, baramaçılıq kimi problem yaradacaq. Xahiş edirəm, fikir verəsiniz, tütünçülük iflasa uğradı, tütünçülüyü bərpa etmək üçün uzağı 1, ya 2 il bəsdir. Bu il əkdin, 3 aydan sonra tütünü yığa bilərsən, baramaçılığı bərpa etmək üçün, heç olmasa, bir neçə il lazımdır. Ancaq fındıqçılıq ləğv olunsa, Azərbaycanda fındıqçılığı bərpa etmək qeyri-mümkündür. Ona görə ki, fındıq ağacını əkəndən sonra onun barını almaq üçün ən azı 8–10 il vaxt lazımdır. Heç kim də öz torpağında fındıq ağacı əkib 10 il onu bəsləməyəcəkdir. Hələ məlum deyil, 10 ildən sonra fındığın qiyməti neçə olacaq? Xahiş edirəm, fındıqçılığı müdafiə etmək üçün dövlət bir proqram hazırlasın.
Vaxt az olduğuna görə digər bir məsələyə də toxunmaq istəyirəm. Dünən burada çox çıxışlar oldu, bəzilərində Azərbaycanın səhiyyəsi haqqında fikirlər deyildi. Mən hesab edirəm ki, səhiyyədə, doğrudan, bu gün problemlər var. Problem nədən ibarətdir? Vaxtilə, məsələn, 5–6 il bundan qabaq səhiyyənin problemi o idi ki, səhiyyənin maddi-texniki bazası səhiyyə işçilərinin səviyyəsindən geri qalırdı. Bu gün respublikada səhiyyə sistemində aparılan islahatlar nəticəsində səhiyyənin maddi-texniki bazası tibb işçilərinin səviyyəsini qabaqlayır. Bax, problem bundan ibarətdir. O da problem idi, bu da problemdir. Mən özlüyümdə bu iki problemi, bilirsiniz, nəyə oxşadıram? Bir var yas problemi, bir var toy problemi. İkisi də insan üçün problemdir. Bax, bugünkü problem ikinci problemə oxşayır. Yəni biz mövcud maddi-texniki bazaya uyğun olaraq öz bilik və bacarığımızı artırmağa çalışmalıyıq. Bəzi deputatlar deyirlər ki, bundan ötrü cavan həkimləri xaricə göndərmək lazımdır ki, gedib öyrənsinlər. Mən elə bilirəm, bu, çıxış yolu deyil. Azərbaycanda minlərlə, bəlkə on minlərlə həkim var. Onların hamısını göndərmək mümkün deyil. Ancaq yeni avadanlıqlar respublikanın ən ucqar rayonlarında da var. Mən hesab edirəm ki, on minlərlə həkimi xaricə göndərib öyrətmək lazım deyil. Bundan ötrü bizim ixtisasartırma kurslarımız var, həmin kurslarda işləyən müəllimlərimizi xaricə  göndərmək kifayətdir, onlar öyrənsinlər, sonra həkimlərimiz kurslara gedərək bu bilikləri əldə etsinlər.
Bir də onu sizə deyim, bir çox adam elə bilir ki, həmin avadanlıq bu gün işləmir. Bu, düzgün deyil. Yeni avadanlıqlar çox mürəkkəb avadanlıqlardır, onların sadə proqramdan tutmuş mürəkkəb proqramlara qədər çox proqramları var. Həmin avadanlıq qoyularkən Səhiyyə Nazirliyindən mütəxəssis gələrək sadə proqramlarla bizi tanış edir. Biz bütün avadanlığı işlədə bilirik. Sadəcə, avadanlığın bütün imkanlarından istifadə edə bilmirik. Vaxtım azdır, demək istədiklərim bu qədər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elton Məmmədov.
E.Məmmədov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, Hörmətli deputatlar! İcazənizlə, mən əsas çıxışıma başlamazdan öncə deputat həmkarım Arzu Səmədbəylinin dediyi fikrə münasibətimi bildirim. Hörmətli həmkarlardan rica edirəm ki, xalqı təmsil etdikləri üçün öz çıxışlarını xidməti etik qaydalar çərçivəsində qursunlar. Xalq adından danışarkən məsuliyyətlərini hiss etsinlər. Əgər bu gün müxalifət düşərgəsindən olan deputatlar ölkənin inkişafını və ölkə başçısının apardığı uğurlu siyasəti dəstəkləmirlərsə, onlar heç xalqı təmsil etməyə layiq insanlar deyildirlər. Onların dövründə xalq hərc-mərcliyi gördü. Xalq bu gün onlara etimad göstərib Milli Məclisə göndəribsə, mən də rica edirəm ki, onlar ölkədə gedən uğurlu islahatlara kölgə salmasınlar və ən azı danışarkən öz vicdanları qarşısında cavab versinlər. Bu təkəbbürdən əl çəksinlər.
Dünən də çox hörmətli Nəsib müəllim danışanda sovetlər dönəmində təkəbbürlü insanların təkəbbüründən danışdı, amma öz təkəbbürləri onların yadından çıxır. Ona görə rica edirəm ki, xalq adından danışarkən və ölkədə gedən islahatlara kölgə salarkən, heç olmasa, öz vicdanları qarşısında düşünsünlər, daşınsınlar və düzgün mövqe bildirsinlər.
Bu gün Azərbaycan xalqı ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində hər bir şeyin yüksəyinə layiqdir. Bu həm yol-nəqliyyat infrastrukturuna, həm də ölkədə bütün sahələrə, uğurlu iqtisadiyyatımıza, siyasətimizə, dünyadakı nüfuzumuza aiddir. Azərbaycan xalqı hər bir şeyin yaxşısına layiqdir. Bu yaxşı işləri də ölkə başçısı görür və bu sahədə çox güclü islahatlar gedir. Ona görə xahiş edirəm ki, belə şeylərə kölgə salmasınlar.
Çox hörmətli Sədr, dünya iqtisadiyyatında və maliyyə sektorunda baş vermiş böhranın təsiri minimuma endirilərək ölkəmizin dinamik inkişaf tempi təmin edilmişdir. Bu, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə siyasətin düzgün aparılması, reallığı əks etdirə bilməsi, şaxələnmənin tətbiqi, iqtisadiyyatın neftdən asılılığının azaldılması, görülən digər lazımi tədbirlərin həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Cari ilin ötən dövrü ərzində dünyanın əksər ölkələrində, o cümlədən MDB dövlətlərinin iqtisadiyyatının əsas göstəricisi olan ümumi daxili məhsulun həcmi azaldığı halda ölkəmiz 6 faizdən çox artıma nail ola bilmişdir. Bu isə qlobal iqtisadi böhran şəraitində yüksək nailiyyətdir. Beynəlxalq Valyuta Fondu cari ildə MDB məkanında ən böyük iqtisadiyyatı olan Rusiyada ümumi daxili məhsulun 7,5 faiz azalacağını proqnozlaşdırdığı halda bu göstəricinin Azərbaycanda 7,5 faiz artacağını bildirir. Fondun proqnozlarına görə, Müstəqil Dövlətlər Birliyinin bəzi ölkələrində bu azalmanın 20 faizə qədər çatacağı bəyan edilir.
Bu gün ölkəmiz xarici investisiyalar üçün ən cəlbedici ölkə olmaqda davam edir. Azərbaycanın enerji sektoru son 15 ildə olduğu kimi bu gün də investorların diqqət mərkəzindədir. Bağlanmış neft-qaz müqavilələri üzrə ölkəmiz üçün nəzərdə tutulmuş 60 milyard dollar həcmində investisiyaların yarısından çoxu bu günə kimi neft sənayemizə yatırılmışdır. Yalnız “Əsrin müqaviləsi” ilə yataqların işlənməsi üzrə qoyulan sərmayə həcmi 22 milyard dollara çatmışdır. Azərbaycan iqtisadiyyatında baş verən bu uğurlar dünyadakı maliyyə böhranına baxmayaraq gələn ilin dövlət büdcəsini ölkənin bugünkü reallığına uyğun tərtib etməyə imkan vermişdir.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini Z. Əsgərov  sədrlik  edir

Hörmətli Ziyafət müəllim, rica edirəm, mümkünsə, iki dəqiqə mənə artıq vaxt verin. Hazırlanmış proqnozlara əsasən 2010-cu ildə ümumi daxili məhsulun istehsalı 31,8 milyard manat nəzərdə tutulur ki, bu da 6,8 faiz artım deməkdir. İqtisadiyyatımızın hələ də davam edən böhran dövründə fəaliyyət göstərməsinə baxmayaraq, real artımın təmin olunması büdcənin sabitliyinin qorunması, gələn ildən bir çox vergi növləri üzrə vergi dərəcələrinin azalması şəraitində baş verəcəkdir. Bu fakt büdcənin yüksək səviyyədə tərtib olunmasının göstəricisidir. 2010-cu il dövlət büdcəsi gəlirlərinin strukturunun və əsas mənbələrinin bölgüsünün proqnoz rəqəmlərini nəzərdən keçirdikdə büdcə layihəsini hazırlayan maliyyə və iqtisadi qurumlarımızın yaradıcı və analitik yanaşması bir daha aydın görünür. Növbəti ilin dövlət büdcəsinin xarici xərcləri Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına dair uzunmüddətli dövlət proqramının icrasının təmin edilməsi üzərində qurulub.
Xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi cari illə müqayisədə artımla proqnozlaşdırılır. 2010-cu ilin büdcəsi son illərin büdcələri kimi sosial yönümlü olacaqdır. Sosial sahədə qəbul olunmuş dövlət proqramlarının, gələn il üçün nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi diqqət mərkəzində saxlanılır.
Çıxışımı yekunlaşdıraraq bir vacib məsələyə toxunmaq istərdim. Ölkə başçısı cənab İlham Əliyev 2010-cu ili Ekologiya ili elan etdi. Prezidentimizin tapşırığına əsasən müvafiq dövlət qurumları lazımi tədbirlər planını hazırlamağa başlamışdır. Düzgün olardı ki, gələn ilin dövlət büdcəsi layihəsində görüləcək işlərin bu və ya digər şəkildə maliyyələşdirilməsi öz əksini tapsın.
Son olaraq bir daha qeyd etmək istəyirəm ki, dünya iqtisadi böhranının görünən və görünməyən tərəflərini nəzərə alaraq hazırlanmış büdcə zərfi yüksək qiymətləndirilməlidir. Aparılan bu geniş işə görə müvafiq dövlət qurumlarımıza təşəkkürümüzü bildirir, millət vəkillərini büdcə zərfinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, Hörmətli hökumət üzvləri, nazirlər, komitə, şirkət sədrləri və dəvət olunmuş qonaqlar! Dünyada hökm sürən iqtisadi böhran dünya miqyasında ölkələrin mütləq əksəriyyətində iqtisadi tənəzzülə gətirib çıxarmışdır. Bu cür iqtisadi şəraitdə belə, ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müasir şəraitdə davam etdirdiyi ölkənin inkişaf strategiyası öz uğurları ilə bizi sevindirir. Öz iqtisadi siyasətində ancaq daxili resurslara əsaslanan Azərbaycan iqtisadiyyatı cari ilin 9 ayında sabit və stabil inkişaf etmiş, ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul 6,1 faiz artmışdır. Bu çox böyük nailiyyət və böyük uğurdur. Bu, eyni zamanda, onu göstərir ki, möhtərəm Prezidentimizin müəyyən etdiyi iqtisadi strategiyaya uyğun olaraq Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. İqtisadiyyatın hər hansı bir sektorundan asılı deyil. Bu, həmçinin ölkəmizdə son illərdə aparılan köklü islahatların, iqtisadiyyatın şaxələndirilməsi və prioritet istiqamətlərinin müəyyən edilməsində atılan praktik addımların nəticələrini səciyyələndirir. İndi ölkəmizdə makro-iqtisadi vəziyyət çox sabitdir. Cari ilin 9 ayında ölkədə cəmi 2,1 faiz inflyasiya olmuşdur, bu isə həmin dövrdə əhalinin gəlirlərinin artımına nisbətən 4,7 faiz azdır.
Hörmətli millət vəkilləri, növbəti ilin dövlət və icmal büdcə layihələri peşəkarlıqla və vaxtında hazırlanmış mövcud qanunvericiliyə uyğun olaraq Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. Bu işdə ölkə Prezidentinin iqtisadi komandasının, o cümlədən Maliyyə Nazirliyinin və digər iqtisadi qurumların böyük zəhməti danılmazdır. Layihədən göründüyü kimi, növbəti ildə və orta müddətli perspektivdə ölkə Prezidentinin müəyyən etdiyi bəzi strateji məsələlər, o cümlədən büdcənin həm sosial, həm də investisiya yönümlülüyü prioritet olaraq qəbul edilmiş, qeyri-neft sektorunun, sahibkarlığın, regionların inkişafına, ölkənin iqtisadi, sosial, nəqliyyat, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə ehtiyatlarının yaradılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına üstünlük verilmişdir.
Məni məmnun edən mühüm amillərdən biri də iqtisadi böhran şəraitində fiziki və hüquqi şəxs qismində fəaliyyət göstərən subyektlərin maliyyə vəziyyətinin qorunub saxlanılması üçün növbəti ildən bir çox vergilər üzrə dərəcələrin aşağı salınmasıdır. 2010-cu ilin dövlət büdcəsinin layihəsində sosial yönümlü xərclərin prioritetliyi gözlənilməklə dövlət büdcəsində təhsil xərclərinin xüsusi çəkisi 0,3 faiz artaraq 11,3 faiz, səhiyyə xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 4,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinin xüsusi çəkisi 1,4 faiz artaraq 10,4 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələrinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,5 faiz təşkil etmişdir.
Bütövlükdə dövlət büdcəsi xərclərinin 34,4 faizi və ya 3 milyard 878 milyon manatı sosial yönümlü xərclərə yönəldilmişdir ki, bu da büdcə vasitəsilə dövlətin sosial siyasətinin davamlı maliyyələşdirilməsi üçün əyani sübutdur. Bütün bu sübutlar bir daha təsdiq edir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkənin dövlət və icmal büdcəsi ilbəil artır, onların vəsaitləri məqsədyönlü və şəffaf olaraq dövlətin təhlükəsizliyinin təmin edilməsinə və xalqımızın daha da firavan yaşamasına sərf edilir.
Hörmətli sədarət, hörmətli həmkarlarım, hesab edirəm ki, Milli Məclisin müzakirəsinə təqdim olunmuş dövlət büdcəsinin layihəsi əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına, ölkəmizin müdafiə potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, beynəlxalq aləmə inteqrasiyanın genişləndirilməsinə bir daha zəmin yaradacaqdır.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Fərrux Zeynalov.
F. Zeynalov. Sağ olun. Hörmətli sədarət, deputatlar, qonaqlar! Bir neçə gün büdcə müzakirəsi zamanı, ondan da əvvəl komitələrin iclaslarında büdcə paketini hazırlayıb təqdim edən nazirliklər, əsasən, Maliyyə Nazirliyi tərəfindən büdcə layihəsi geniş təqdim olundu. Bir neçə gün də hörmətli deputatlar tərəfindən büdcə müzakirəsində büdcə göstəricilərindən, rəqəmlərdən müqayisələr, təkliflər, dəyərli fikirlər səsləndi. Mən bunlara toxunmaq istəmirəm, sadəcə olaraq, qısa münasibətimi bildirmək istəyirəm.
Əlbəttə, büdcənin ildən-ilə yüksək səviyyədə artması hamının arzusudur. Bu, dövlət başçısından tutmuş hər bir vətəndaşın arzusudur. Xalqın sosial inkişafı, yaşayış səviyyəsinin yeganə ümidgah yeri olan büdcənin ildən-ilə artması daha vacibdir. Bu, ölkədəki inkişafı göstərir. Amma son illər biz bunun dəfələrlə şahidi olmuşuq, büdcənin müzakirəsi birinci dəfə deyil. 6 ildə büdcənin analoqu olmayan səviyyədə sıçrayışı Azərbaycanda gedən islahatların bariz göstəricisidir. Amma çox təəssüflər olsun ki, həmişə bu belə olmur. Dünyada gedən, hamıya məlum olan hadisələr buna imkan vermir. Bu gün büdcə göstəricilərinə, gəlirlərin mənbələrinə, xərclərin istiqamətlərinə baxanda hesab edirəm ki, büdcəyə ehtiyatla yanaşılıb, artıq risklərə yol verilməyib. Sosial yönümlülüyü qorunub saxlanılıb.
Burada, büdcədə büdcə kəsirinin faizinin yüksək olmasından danışdılar, iradlar bildirdilər. Vaxt azlığından bunları xırdalamaq mümkün deyil, amma mən hesab edirəm ki, büdcədə həmin göstəricilərin yüksək olması bu sahədə siyasət aparanların məsuliyyətini daha da artıracaq, əlavə gəlir mənbələri aşkar ediləcək və kəsir aradan götürüləcəkdir. Mən hesab edirəm ki, büdcədə bütün reallıqlar nəzərə alınıb. Dünyada gedən proseslər, gözə görünməyən qaranlıq mяqamlar, hələ bitməmiş, sönməmiş böhran bizə bu gün büdcəni müdafiə etməyə əsas verir. Mən elə fikirdəyəm ki, qəbul edəcəyimiz büdcə tam nəzarətə götürülüb şəffaflıq təmin edilərsə, bunu müdafiə edərəm. Buna səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Miri Qənbərov.
M. Qənbərov. Hazırda iqtisadçı ekspertlərin ən çox müzakirə etdikləri məsələlər dünyanı bürüyən maliyyə böhranının hansı ölkəyə nə dərəcədə zərər vurması və ölkələrin 2010-cu ildə inkişaf perspektivləridir. Çox fərəhli haldır ki, bütün xarici ekspertlər Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatların düzgün istiqamətdə olmasını göstərir və ölkəmizi bu böhrandan ən az zərər çəkən dövlətlər sırasına aid edirlər. Belə bir uğurlu nəticənin əldə edilməsi isə ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu iqtisadi strategiyanın hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ilə əlaqədardır. Beynəlxalq təşkilatların və ayrı-ayrı ekspertlərin ölkəmizin qazandığı bu uğurlara belə yüksək qiymət vermələri bizdə qürur hissi doğurur və inanıram ki, Azərbaycan bundan sonra da yüksək sürətlə inkişaf edəcək və öz liderliyini həmişə saxlayacaqdır.
Dövlət büdcəsi ölkə iqtisadiyyatının güzgüsü olduğu üçün və maliyyə böhranı hələ sona çatmadığından əvvəlki illərdən fərqli olaraq büdcənin müzakirəsi bu il daha çox əhəmiyyət kəsb edir. Bu halda hökumətin Milli Məclisə təqdim etdiyi materialların təhlili onu deməyə əsas verir ki, büdcənin bütün göstəriciləri ölkəmizin 2010-cu ildə optimal inkişafına zəmanət verir.
Mən kənd rayonundan deputat seçildiyimə görə həmişə onlarla əlaqədaram. Qeyd etmək istəyirəm ki, son illər Kənd Təsərrüfatı Nazirliyinin və onun nəzdində yaradılmış agentlik xidmətlərinin rəhbərləri və əməkdaşları hazırda kənd əməkçilərinə yaxından köməklik göstərirlər. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti təsərrüfatları texnika, mineral gübrələr və digər texniki vasitələrlə təmin etməkdə xeyli iş görmüşlər. Başda hörmətli cənab Prezidentimiz İlham Əliyev olmaqla kənd təsərrüfatı və bu sahədə işləyənlərə göstərdikləri qiymətə görə mən hamıya minnətdaram.
Eyni zamanda, uzun müddət ticarət sistemində işləyən bir adam kimi qeyd etməliyəm ki, biz kənd təsərrüfatı məhsullarının tədarükü və satışında əvvəlki illərin təcrübəsindən istifadə etməliyik. “Azərittifaq”ın fəaliyyətini tam bərpa etməli və onun imkanlarından yararlanmalıyıq.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Oqtay müəllim, mən qeyd etmək istəyirəm ki, hələ sovetlər dövründə “Azərittifaq”ın iki-üç min tonluq soyuducuları istifadəyə verilmişdi, kənd rayonlarından gələn bütün məhsullar orada saxlanılırdı.
Sonda qeyd etmək istəyirəm ki, Lerik rayonunda işıqdan tam arxayınıq, işıq bərpa olunub və fasiləsiz işləyir, rəhbərliyə də demişəm, bəzi dirəklərin bərpası lazımdır. Eyni zamanda, əsas problem su problemidir. Oqtay müəllim, Lerikin 35 kəndinin, demək olar ki, bəziləri köçür, bəziləri isə köçəcəklər. Bu məsələ dövlət proqramında əksini tapıb, bu günə qədər isə həll olunmamışdır. Ümidvaram ki, Nazirlər Kabineti tərəfindən, başda hörmətli Artur Rasizadə olmaqla, buna çox diqqət yetiriləcək, Lerikin su probleminə müəyyən köməklik göstəriləcəkdir. Həmin rayonda suyun kəsilməsi, camaatın sərhəd kəndlərindən köçməsi acınacaqlı hal olacaq. Başqa sahələrdə Lerikə böyük köməklik olub. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun, Oqtay müəllim, icazə versəydiniz, biz Əli Hüseynovla yerimizi dəyişərdik.
Sədrlik edən. Əli Hüseynova mikrofon verin.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarıma təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Sözsüz ki, 2010-cu ilin dövlət büdcəsi, onun hazırlanması və müzakirə şəraiti əvvəlki illərdən fərqlənir. Onunla fərqlənir ki, bütün dünya qlobal böhran içərisindədir və bu böhrandan çıxış yolları axtarılır. Əlbəttə, əgər biz ədalətli olmaq istəyiriksə, bu ilin dövlət büdcəsinə qiymət verərkən ilk növbədə bunu nəzərə almalıyıq və müqayisə təkcə Azərbaycanın əvvəlki illərin dövlət büdcəsi ilə yox, böhran içərisində olan bütün ölkələrin iqtisadi inkişafının templəri ilə olmalıdır. Biz bu cür ədalətli müqayisə aparsaq, görərik ki, Azərbaycan, həqiqətən də vəziyyətdən uğurla çıxan bir ölkədir.
Bu baxımdan indiki Azərbaycanı 1992—1993-cü illərin Azərbaycanı ilə müqayisə etmək ən azından uğursuzdur. Amma kimsə müqayisə etmək istəyirsə etsin. Siyasi mədəniyyət və demokratiya təcəssümünə çevrilmiş həmin dövrdə buradakı siqaretlərlə dolu olan kreslolarla bugünkü kresloları müqayisə etsələr, görərlər ki, bu gün söylədikləri söhbətlər, əlbəttə, öz təbirlərincə desək, ayıbdır.
Sözsüz ki, büdcədə müəyyən artımlar da, müəyyən azalmalar da var. Artımlarla bağlı müəyyən hissələr də tənqidə məruz qaldı. Həmkarım Səməd müəllim, hesab edirəm, xarici siyasətlə, diplomatik fəaliyyətlə bağlı artımların ədalətli təhlilini verdi. Bu, Diplomatik Akademiya, Azərbaycanın xarici ölkələrdə yeni səfirliklərinin açılması ilə bağlı məsələlərdir. Burada artım təbiidir. Məhkəmə-hüquq islahatları ilə bağlı, məhkəmə-prokurorluq orqanlarının büdcəsində olan artımda da mənfi element görmək istədilər. Amma hesab edirəm ki, büdcəni bir daha dərindən oxumaq lazımdır. Azərbaycanda məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi ilə bağlı bir neçə dövlət proqramı mövcuddur. Hazırda məhkəmə binalarının tikintisi ilə bağlı ayrılmış vəsaitlər, yarımçıq qalmış və indi də görüləcək işlər var. Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi ilə bağlı cənab Prezident tərəfindən imzalanmış fərman və dövlət proqramı var, onların icrası ilə bağlı ayrılmış vəsaitlər nəzərdə tutulub. Bu baxımdan artım çox normaldır.
O ki qaldı bir sıra azalmalarla bağlı söylənilmiş fikirlərə, mənim mövqeyim, ola bilsin bir, qədər ziddiyyətli görünsün, amma elm, təhsil, mədəniyyət sahəsində artımlara münasibətim fərqlidir. Burada keçmiş sosialist düşüncəsindən əl çəkmək lazımdır. Nə zamana qədər hökumət insanların, vətəndaşların ödədikləri vergilər hesabına formalaşmış büdcəni kitab mağazasının açılmasına sərf eləməlidir? Bu, dövlət büdcəsinin işidir? Bu, sahibkarlıq fəaliyyətidir. Baxın, Azərbaycanda onlarla bu cür mağazalar var. Əgər ehtiyac olarsa, bunlar arta da bilər. Amma demək istəyirəm ki, bu, sahibkarlıq fəaliyyətidir. Bu cür sahibkarlıq fəaliyyəti dövlətin çiynində olmamalıdır. Artıq belə məsələlər keçmişdə qalıb, kimlərinsə kitabı məcburi qaydada harasa göndərilməlidir və insanlar bunları oxumalıdırlar.
Elm, təhsil sahəsində. Burada təhsil işçiləri də təhsil sahəsində gedən islahatları qeyd etdilər. Hesab edirəm ki, həm də təhsildə, həm səhiyyədə ilkin addım olaraq attestasiya və test üsulları tətbiq olunmalıdır. İnsanlara sağlamlıq və təhsil verən insanlar ilk növbədə peşəkar olmalıdırlar. Elm sahəsi, humanitar sahə bir qədər fərqlidir. Tarix elmi, Azərbaycanın müstəqillik tarixinin indi yazılmasına ehtiyac var. Çox təqdirəlayiq haldır ki, həmkarımız, institutun direktoru da bu işi görür. Amma sənaye ilə bağlı hər hansı bir elm sahəsinə vəsait ayrıla bilər. Əgər orada sosial-iqtisadi sifariş yoxdursa, necə olacaq? Bu baxımdan hesab edirəm ki, bizim artıma və azalmaya yanaşmamız fərqli olmalıdır. Mən hesab edirəm ki, hökumətimiz hal-hazırda mövcud vəsaitin daha ciddi, israfçılıqdan uzaq olaraq sərf olunmasına çox önəm verməlidir. Mən büdcəyə səs verəcəyəm və həmkarlarımdan büdcə layihəsinə səs verməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fasilə elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Asəf Hacıyev.
A. Hacıyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, hörmətli hökumət, media nümayəndələri! Bu gün ölkənin əsas sənədi olan büdcəni müzakirə edirik. Bir sual çıxır ortaya. Bu büdcə nədir? Burada müxtəlif fikirlər səslənir. Fikrimcə, büdcə dövlətin əsas sənədlərindən biridir, dünya iqtisadiyyatında və ölkədə baş verən prosesləri nəzərə alan və ölkənin inkişafına yönəldilmiş bir sənəddir. Bu baxımdan hesab edirəm ki, təklif olunan büdcə çox səmərəli tərtib edilmişdir. Ola bilsin ki, büdcədə hansısa rəqəmlər azalsın, hansısa rəqəmlər çoxalsın. Amma buna baxmayaraq, büdcə ölkənin inkişafına yönəldilmiş bir sənəd olmalıdır və bu büdcə də məhz həmin məqsədə xidmət edir. Bir neçə göstəricilərlə bunu təsdiq etmək istərdim.
Bu gün dünyada iqtisadi böhran yaşanılır. Mən elmə ayrılan vəsaitlər haqqında danışacağam. Elmə ayrılan vəsait azalmayıb. Dünyada bir neçə ölkə olar ki, orada bu baş verib. Amerika Birləşmiş Ştatları, Çin, Sinqapur və çox təqdirəlayiq bir haldır ki, Azərbaycan da bu siyahıya daxildir. Bu gün Azərbaycanda elm ali məktəblərdə, Azərbaycan Milli Elmlər Akademiyasında və bir neçə elmi tədqiqat institutlarında cəmləşir. Bu gün ali məktəblərdə kafedra müdiri vəzifəsini tutan elmlər doktoru, professorun maaşı təxminən 700 manata yaxındır. Bu, orta maaşın iki mislini təşkil edir. Artıq bu rəqəm göstərir ki, Azərbaycan inkişaf etmiş ölkələrin yolu ilə gedir.
Amma eyni zamanda, məni narahat edən bir məqama da toxunmaq istərdim. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında eyni vəzifəni, yəni şöbə və ya laboratoriya müdiri vəzifəsini tutan elmlər doktoru, professorun maaşı cəmi 300 manat təşkil edir. Baxın, fərq 2,3 dəfədir. Mən hesab edirəm ki, qısa zamanda bu fərq aradan qaldırılmalıdır. Çünki sovetlər zamanında da, Azərbaycan müstəqillik aldıqdan sonra da bu vəzifələr bir-birinə yaxın olduğundan bunların maaşları həmişə eyni olub. Güman edirəm ki, 2010-cu ildə elm bu istiqamətlər üzrə maliyyələşdiriləcək və həmin məsələ öz həllini tapacaq. Hesab edirəm ki, artıq elm nəinki istiqamətlər üzrə, eyni zamanda qrant şəklində maliyyələşdirilməlidir. Çünki artıq biz təşkilatlarda aktiv işləyən alimlər və digər alimlər arasında fərq qoymalıyıq. Aktiv insanların əməkləri hər hansı şəkildə qiymətləndirilməlidir. Ona görə mən hesab edirəm ki, 2010-cu ildə həm istiqamətlər üzrə və eyni zamanda, qrant şəklində elmin maliyyələşdirilməsi həyata keçirilməlidir.
Bir məsələyə də toxunmaq istəyirəm. Bilirsiniz, cənab Prezidentin gözəl bir sərəncamı ilə 5 min azəri gənci dünyanın ən aparıcı ali məktəblərində təhsil alacaq. Biz artıq indidən onların gələcəyini düşünməliyik, çünki onlar təhsillərini bitirdikdən sonra ölkəyə qayıdacaqlar. Əgər onlar elm sahəsində çalışacaqlarsa, indidən onlara lazım olan avadanlıqların alınması nəzərdə tutulmalıdır. Ümumiyyətlə, hesab edirəm, indidən düşünməliyik ki, gələcəkdə onlardan hansı istiqamətdə, harada istifadə edəcəyik. Çıxışımın sonunda bir də demək istəyirəm, hesab edirəm ki, büdcə lazımi səviyyədə hazırlanıbdır, effektivdir və ona səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Yevda Abramov.
Y. Abramov. Təşəkkür edirəm, cənab Sədr. Artıq üçüncü gündür ki, ölkənin çox ciddi maliyyə sənədi müzakirə edilir. Ancaq yenə çox təəssüflər olsun ki, bir sıra həmkarımız bu sənədə ciddi münasibət bəsləmədilər. Hər dəfə, hər il büdcənin müzakirəsi və ya hökumətin hesabatında bizim bir sıra opponentlərimiz, həmkarlarımız radikal mövqedən çıxış edirlər. Bu dəfə də yerli-yersiz bu büdcənin ünvanına istədikləri qədər söz dedilər.
Birinci növbədə hökuməti guya qorxaqlıqda təqsirləndirdilər və dedilər ki, bu büdcədən bir qorxaqlıq iyi gəlir. Amma mən onlara deyərdim ki, burada qorxaqlıq iyi yox, əksinə, bir ehtiyatlılıq iyi gəlir. İgid həmişə ehtiyatlı olar və hökumət bu büdcənin təşkilində böyük bir igidlik göstərib.
İkinci növbədə fikirləşmək lazımdır ki, bu büdcəni tərtib edən insanlar Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, ayrı-ayrı dövlət komitə və qurumları, orada işləyən insanlar heç də bizdən az savadlı deyildirlər, bizdən az bilmirlər. Onların hamısı gözəl mütəxəssisdirlər. Birdən-birə onların altı aylıq zəhmətini heçə endirmək yaxşı iş deyil. Mənə elə gəlir ki, hər bir deputat öz seçicilərinə hörmət etməlidir və qabaqcadan dediyini fikirləşməlidir. Düzdür, hər bir millət vəkilinin bu sənədə aid öz mülahizələri, təklifləri ola bilər. Bu, təbiidir.
Hamımızın ağrılı yerləri də var. Hamımızın seçildiyi rayonların problemləri də var, biz onları burada qabartmalıyıq. Amma insafla danışmaq lazımdır. Yenə büdcənin neftdən asılılığını dedilər. Mən elə dövlətlər tanıyıram ki, onların büdcələrinin 33-dən 50 faizə qədərini banan, sitrus bitkiləri, içməli su, almaz yataqları, kömür şaxtaları, turizm təşkil edir. Amma bu ölkələrdə müxalifətdə duran qüvvələr bunu həmin dövlətlərə qaxınc etmirlər.
Birinci növbədə bilmək lazımdır ki, neft üzümüzü ağardan, millətin şərəfi, millətin ləyaqətidir. Neftlə bizi ikinci dünya müharibəsində zəfər çalmışıq, bu müharibədə qalib gəlmişik. Neft bizə gözəl Bakını verib, bu parlamenti bizə neft verib. Neftdən gələn gəlir olmasa idi, biz bu gözəl parlamentdə oturmazdıq. Neft bizə təhsil, təhsildə imkanlar verib, neft bizim müdafiə qabiliyyətimizdir. Neftin rəngi qaradır, amma dadı çox ləzzətlidir. Bundan niyə qorxurlar? Ulu öndərimiz və cənab Prezident ilk hasilat neftini əlləri ilə götürüb yanaqlarına sürtüblər. Ən azı buna hörmət etmək lazımdır. Mən bilmirəm, bunlar neftdən niyə çəkinirlər? Neft müalicəvi əhəmiyyətə malik olan bir əmtəədir. Neft qurtarsa, onun yerini başqa bir əmtəə əvəz edəcək. Bundan qorxmaq lazım deyil. Xatircəm olun, uzun illər Azərbaycanda neft var. Mən deyərdim, nə qədər Azərbaycan var, onun nefti də var.
İndi bir sıra problemlərə keçmək istəyirəm. Büdcənin, əlbəttə, bütün parametrlərini təhlil etmək fikrində deyiləm. Burada çoxl sözlər deyildi. Bu büdcə tərifəlayiq bir büdcədir. Bir daha hökumət bizi, bizim xalqın gələcək taleyini, iqtisadiyyatını hər cür risklərdən xilas edir. Dünyada gedən prosesləri nəzərə alıb. Biz xoşbəxt bir xalqıq. Həqiqətən, “Ceneral Motors” kimi, yaxın qonşumuzdakı “Avtovaz” kimi diz çökən müəssisələrimiz olmadı. Yüzillik tarixə malik Amerika, İngiltərə bankları müflis oldular. Amma Azərbaycanda biz bunları görmədik. Manatın məzənnəsi də qorunub saxlanıldı. Rusiyada bir gündə valyuta 33 faiz məzənnədən düşdü, insanlar kasıblaşdılar. Vaxt azdır, əlbəttə, mən çox şey demək istəyirdim. Ancaq bir xahişim var, Oqtay müəllim. Bu, çoxsaylı insanların böyük xahişidir. Dövriyyəyə bir, üç manatlıq nominal dəyərində kupyur buraxılmasına ehtiyac var. Beş manatlığı bu gün cəmiyyətdə xırdalamaq müşkül məsələyə çevrilib. Elmar müəllimdən xahiş edərdik, bu məsələ barəsində Milli Bankımız düşünsün. Mən bütövlükdə bu büdcəyə səs verəcəyəm və həmkarlarımı da bu büdcəyə səs verməyə dəvət edirəm. Əlbəttə, deyiləsi sözlər çoxdur, vaxt azlığı imkan vermədi. Yəqin ki, hökumətin hesabatında demədiyimiz məsələləri qaldıracağıq.
Sədrlik edən. Çox sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar, Azərbaycan hökumətinin çox hörmətli üzvləri! Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi bu gün ciddi, çox demokratik şəkildə müzakirə olunur. Bir az bundan əvvəl, yəni iclasın birinci hissəsində müxalifətdən olan deputatlardan hansısa 1990-cı illərin əvvəllərindəki dövrlə indini müqayisə etmək istədi. 1990-cı illərin əvvəllərində heç büdcə yox idi. Büdcə müzakirəsi əvəzinə həmin dövrdə hakimiyyətin parlamentdə təmsil olunmuş nümayəndələri bu və ya digər tənqidi fikir söyləyənlərin üzərinə hücum edirdilər, silah çəkirdilər, mətbuata basqılar yapırdılar. 1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə, səhv eləmirəmsə, dövlət katibi olan şəxs burada oturmuşdur, daxili işlər naziri deputatın üzərinə hücum edirdi, özü də tapança ilə. Onda gərək danışaydınız ki, demokratiya nədir və sair. Yəni bu söhbətləri bir kənara qoyaraq, reallıqdan danışaq.
Bugünkü dövlət büdcəsi reallığa söykənilərək və mövcud vəziyyəti nəzərə alaraq tərtib edilmiş və bizim qəbul etdiyimiz “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun şəkildə bizə təqdim olunmuşdur. Çox təəssüf ki, müxalifətdə olan deputatların bəziləri büdcə müzakirəsi ilə hökumətin hesabatını qarışdırırlar. Mən çox istərdim ki, xarici ölkələrdə büdcə müzakirələrinə, bir də, Yeni Azərbaycan Partiyası deputatlarının büdcə ilə bağlı çıxışlarına diqqətlə fikir versinlər. Büdcə müzakirəsi başqa, hökumətin hesabatı başqa anlayışdır. Büdcə müzakirəsinə yanaşmada hökumət bizə maliyyə nazirinin simasında büdcəni təqdim edərək, nə qədər vəsait toplanılacağını, xəzinədə nə qədər vəsait olacağını proqnozlaşdırılmış şəkildə deyir, bunun haraya xərclənəcəyini göstərir.
Büdcədən narazı olanda xarici ölkələrdə nə edirlər? Onlar demirlər ki, filan nazirlik nə etdi, 5 manat bura getsin, 3 manat belə getsin. Ya büdcəyə sağ mərkəzçi mövqedən yanaşırlar, ya solçu mövqedən yanaşırlar, ya da ümumiyyətlə, hökumətin, hakimiyyətin bazar iqtisadiyyatına müdaxiləsini minimuma endirməyə çalışırlar.
Əgər siz büdcəyə solçu mövqedən yanaşırsınızsa, deyin, bax, biz belə istəyirik. İstəyirik ki, büdcə investisiya tutumlu olmasın, tam sosial yönümlü olsun. Bütün vəsait sosial məsələlərə xərclənsin. Mən ona görə də bundan narazıyam ki, bu, sosial yönümlü deyil və sair. Bu büdcə tarazlaşdırılmış şəkildə tərtib olunub. Burada sosial yönümlü proqramları təxirə salmadan, ixtisar etmədən həyata keçirmək məqsədini hökumət qarşısına məqsəd qoyub və doğru da edib, çünki vətəndaşın rifahı ən önəmli məsələdir. Bu gün elə ölkələr var ki, onlar özləri iflas səviyyəsindədirlər. Amma Azərbaycan, şükürlər olsun ki, bu çətin vəziyyətdən üzüağ çıxıbdır.
Bəzən deyirlər ki, büdcə tam investisiya yönümlü olsun və sair. Bu bizim, hamımızın pulumuzdur. Bunu necə xərcləməliyik ki, vətəndaş ziyan çəkməsin, ölkə də inkişaf etsin?
Mən hesab edirəm ki, büdcə çox dəqiq şəkildə hesablanıb və inkişaf istiqamətimiz nəzərə alınaraq tərtib olunub. Vergi dövlət idarəçilik orqanlarında çox ciddi islahatlar aparılıb. Məhz buna görə də biz islahatçı ölkəyik. Biz cazibədar ölkəyik ki, beynəlxalq maliyyə qurumları bizə istədiyimiz səviyyədə kredit verməyə hazırdır. Amma ölkələr var ki, beynəlxalq maliyyə qurumlarının dəhlizlərindədirlər. Onlara bir sent belə pul vermək istəmirlər, çünki onlara etimad göstərmirlər. Ona görə də bu məsələlərə obyektiv yanaşmaq lazımdır. Ayrı-ayrı nazirlərə, nazirliklərin fəaliyyətinə qiyməti mart ayında verəcəyik. Hökumətin fəaliyyətinə o zaman qiymət verəcəyik.
Bu gün büdcədən danışırıq və biz hər birimiz millət vəkili, vətəni sevən insanlar olaraq, vətənimizin inkişafını istəyiriksə, əgər bu və ya digər məsələdə sən düşünürsən ki, bəli, xəzinəyə əlavə vəsait cəlb edərək, hansısa problemi sənin düşüncənlə həll eləmək lazım olar, onu elmi şəkildə əsaslandırıb, hökumətə təqdim etmək lazımdır. Amma hökumətin üzvlərinə, onların fəaliyyətinə bu və ya digər formada şübhə ilə yanaşmaq və bəzi terminlər işlətmək, məncə, düzgün deyil. Mən büdcəyə tərəfdaram, ona səs verəcəyəm və digərlərini də səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Rafael Hüseynov.
R. Hüseynov. Hörmətli dostlar, günlərdir ki, Azərbaycan Milli Məclisi 2010-cu il üçün Azərbaycan dövlət büdcəsi layihəsini müzakirə edir və müzakirələr çox qaynar bir şəkildə davam etməkdədir. Amma yalnız bu divarlar arasında müzakirə getmir, ölkənin ən müxtəlif ictimai-siyasi dairələrində, mətbuat səhifələrində, ekranlarda da büdcə zərfi ilə əlaqədar fikir mübadilələri gedir, diskussiyalar aparılır. Bu da çox təbiidir, çünki ölkənin həyatı, hər bir vətəndaşın qarşıdakı ildə necə yaşayacağı, hansı imkanlara malik olacağı ilə bağlı çox vacib bir sənəddir. Həyatımızın sənədidir, ona görə də hər kəsin bu ətrafda düşünməyə, fikir bölüşməyə, təbii ki, ehtiyacı var və çox qanunauyğundur.
Büdcə layihəsinin, büdcə zərfinin təhlillərə, müzakirələrə ehtiyacı var. Amma gedən müzakirələrin nəticəsi kimi o qədər müxtəlif nöqteyi-nəzərlər ortadadır ki, artıq həmin nöqteyi-nəzərlərin özünə də bir baxış etmək, bunları da təhlil etmək zərurəti ortaya çıxır. Bu büdcə hamımızındır, Azərbaycanındır. Azərbaycan millətləşmə, dövlətləşmə, müstəqil dövlət olmaq yolunda cavan bir ölkə olaraq addımlarını atan, yeni-yeni irəliləyən bir ölkədir və ona görə biz ölkənin, millətin taleyi ilə bağlı hər sənədə, ortaya qoyulan hər bir vacib sənədə sahiblik hissi ilə yanaşmalıyıq və onlara qiymət verəndə də hansısa rəqib bir ölkənin, müxalif dövlətin büdcə layihəsi kimi yox, özümüzün, hər birimizin taleyi ilə bağlı sənəd kimi yanaşmalıyıq.
İnkarçı, qərəzli, hikkəli baxışlar bir kənara qoyulmalıdır. Tənqid də ola bilər, hansısa baxışlara redaktə nöqteyi-nəzərindən yanaşmaq da mümkündür. Lakin inkarçı mövqeyindən yanaşmaq, əlbəttə, qəbul edilən deyil. Ona görə də büdcəyə verilən qiymətləri təhlil edərkən, mən orada keçən bəzi ifadələri heç cür anlaya bilmirəm. Hətta deyilmiş: “bu, ehtiyatlı büdcədir”, “mühafizəkar büdcədir” kimi təyinləri də qəbul edə bilmirəm. Hələ mən daha kəskin ifadələri bir qırağa qoyuram. Bunlar Azərbaycan nöqteyi-nəzərindən dilə gətirilməsi düzgün olmayan, sağlam düşüncədən törəməyən fikirlərdir. Mən buna nə ehtiyatlı, nə də mühafizəkar büdcə deyirəm. Bu, kifayət qədər gerçək bir büdcədir, çünki real inkişafın, həyatın templəri ilə və dünya iqtisadi kontekstində Azərbaycanın hansı imkanlara malikliyi ilə nəzərdə tutularaq, müqayisə edilərək və elmi cəhətdən kifayət qədər sanballı şəkildə tərtib olunmuş bir büdcə layihəsidir.
Güman edirəm ki, büdcə layihəsi üzərində təkmilləşdirmə, cilalama nöqteyi-nəzərindən redaktə işləri aparıla bilər. Müəlliflər özləri də, təbii ki, bunu edəcəklər, ortaya qoyulmuş fikirlər də nəzərə alınacaq. Amma bütövlükdə digər ölkələrin büdcə layihələri ilə. 2010-cu il perspektivləri ilə müqayisə edəndə millətin və dövlətin inkişaf perspektivlərini nəzərə alan, rifahının yüksəlməsini təmin edən bir büdcədir. Amma bununla bağlı mən bəzi düşüncələrimi, ayrı-ayrı məsələlərlə əlaqədar bəzi fikirlərimi də bölüşdürmək istəyirdim.
Ən əvvəl onu deyim ki, büdcənin gerçəkçi olmasını təsdiqləyən əlamətlərdən biri xarici siyasətin gerçəkləşməsi ilə əlaqədar xərclərin azalmayıb artıq nəzərdə tutulmasıdır. Bu elə məhz gerçəkliyi, inkişafı nəzərə almağın bir əlamətidir. Dünyada büdcə layihəsinin tərtibinin müəyyən modelləri məlumdur və onun içərisində mədəniyyətin, elmin, təhsilin konkret yeri var. Amma Azərbaycan mədəniyyətini göz önünə gətirərkən, düşünürəm ki, biz mədəniyyətə bir az ayrı prizmadan yanaşmalıyıq. Yalnız bu büdcəni demirəm, gələn illərin büdcəsini də tərtib eləyərkən biz düşünməliyik ki, büdcə Azərbaycanın faktik olaraq yalnız kultral bir sərvəti deyil. Əslində, mədəniyyət Azərbaycanın dünyada özünü ifadəsinin bir əlamətidir və faktik olaraq xarici siyasətin tərkib hissəsi sayılmalıdır. Ona görə də biz gələcəkdə mədəniyyətlə bağlı xərcləri müəyyən edərkən bu prizmadan yanaşmalıyıq və belə qiymətləndirməni ortaya qoymalıyıq.
Digər tərəfdən, biz ayrı-ayrı bölgələri təmsil edən millət vəkilləriyik. Bu gün dünyanın qlobal ekoloji problemləri ortadadır. Bitməkdə olan ildə də biz bunun nəticələrini ayrı-ayrı rayonlarda gördük. Ona görə biz ayrı-ayrı rayonlara ayrılan vəsaitlərin məhz mövcud, mümkün təhlükələrin, ekstremal vəziyyətlərin aradan qaldırılması üçün yönəlməsinə diqqət artırmalıyıq. Bu işlərin təkmilləşdirilməsini də nəzərdə saxlamalıyıq. Belə düşünürəm ki, bu büdcə layihəsi elmi nöqteyi-nəzərdən əsaslandırılmış şəkildə tərtib edilib və mən onu müsbət qiymətləndirir, müsbət səs verəcəyimi də bəri başdan elan edirəm.
Sədrlik edən. Çox sağ olun. Söz verilir Milli Məclis Sədrinin müavini Valeh Ələsgərova.
V. Ələsgərov, Azərbaycan Respublikası Milli Məclis Sədrinin müavini.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, Milli Məclisin deputatları, hökumət nümayəndələri! Mən bu büdcəyə münasibətimi komitələrimizin birgə iclasında bildirmişəm və ona görə də bu haqda əlavə nə isə deməyə ehtiyac duymuram. Ancaq dinlədiyim çıxışlardan sonra bəzi məqamlara toxunmaq istərdim. Çıxışlar fərqli olsa da, mən şəxsən bu çıxışların arasında bir o qədər böyük fərq görmədim. Əsas fərziyyə nədən ibarət idi? Hökumət mümkün ehtiyatların hamısından istifadə edə bildi, edə bilmədi, etmədisə, niyə etmədi? Tənqid, ya da başqa fikir söylənilsə də, bu ehtiyatlar çıxışlarda da göstərilir. Misal üçün, gömrük rüsumlarını, vergiləri bir az artıq götürmək olardı. ABƏŞ-in mənfəət vergisini, neftin qiymətini artırmaq olardı. Əlbəttə, olardı və xoş gəlmək üçün bunları edib gözəl rəqəmləri buraya təqdim etmək olardı. Başqa bir yol da var.
Bir neçə ay davamlı olaraq Mərkəzi Bankımızı, hökumətimizi tənqid edirdilər ki, manatın məzənnəsini qoruyub saxlayırlar, bu qədər valyuta xərcləyirlər. İstəyirsinizsə, bir-bir sadalayım? Beş, on beş, əlli dövlət sadalayım ki, valyutalarının məzənnəsi 20, 30, 40, 50 faiz aşağı düşdü. Bunun hesabına da büdcəni, maaşları da nə qədər istəyirsən qaldırmaq olar. Amma bu kimin belində sınacaq? Millətin belində. Bunları, yəqin ki, hamımız dərk edirik və bilirik. Mən çox səmimi deyirəm, Allaha şükür ki, hökumət bu yollardan istifadə etmədi. Ehtiyat varsa, qoy ehtiyatda qalsın.
Bu gün əksəriyyətimiz böhranı söz olaraq dərk edirik. Amma bu böhranın nə qədər dərin olduğunu, bəzi ölkələri dizi üstə çökdürən böhranın sabah hansı istiqamətdə inkişaf edəcəyini heç kim bilmir. Heç kim zəmanət verə bilməz ki, bu dövran nə ilə bitəcəkdir, çünki böhranın təbiəti bu günə kimi hələ təhlil edilməyibdir. Təbiəti təhlil edilməyən açıq-aşkar, dürüst, anlaşılmayan bir böhranın qarşısını almaq mümkün deyil. Hələ təzə-təzə tədbirlər fikirləşirlər. Ən qüdrətli dövlətlər bir yerə yığışıb razılaşa bilmirlər ki, hansı istiqamətdə hansı tədbirlər görülməlidir? Tənzimləyici, nəzarət və sair. Ona görə də, fikrimcə, bu ehtiyatlardan lazım olanda istifadə olunacaqdır. Ona görə də mən bu büdcəni zəmanət büdcəsi adlandırardım. Bu büdcə deyir ki, nə qədər çətin vəziyyət olsa, böhran nə qədər kəskin şəkildə inkişaf etsə də, biz bundan aşağı nöqtəyə düşməyəcəyik, həyat səviyyəmiz bundan aşağı olmayacaqdır. İnvestisiya proqramlarımız, sosial proqramlarımız davamlı olaraq inkişaf edəcəkdir.
Bir də, müqayisə edəndə yaxşı olardı ki, faktik icra ilə müqayisə edək. Bu bir. İkincisi də bizimlə eyni şəraitdə yaşayan ölkələrlə müqayisə edək. MDB, postsovet ölkələri, Şərqi Avropanın, Mərkəzi Avropanın keçmiş sosialist düşərgəsindən çıxmış ölkələrin göstəriciləri ilə müqayisə edək. Bu makroiqtisadi göstəricilər, bəzi alimlərin fikrincə, obyektiv şəkli əks etdirmir. Mən keçən il Milli Məclisdə dedim ki, bütün dünya tərəfindən qəbul oluna bilən yeni bir makroiqtisadi göstəriciləri kim icad etsə, Nobel mükafatı da daxil olmaqla bütün mükafatlar onundur. Bu gün həmin makroiqtisadi göstəricilər qəbul edilibdir, yaradılıbdır və hamı bunlardan istifadə edir.
Qəbul edilmiş bu makroiqtisadi göstəriciləri əgər müqayisə etsək, sadaladığım ölkələrin arasında Azərbaycan ən yuxarı səviyyədə duran bir ölkə olacaqdır. Emosiyaları, şəxsi düşüncələrimizi, psixoloji fərqliliyimizi qırağa qoysaq, rəqəmlərə diqqət yetirsək, görərik ki, bu, faktdır. Bir də, Azərbaycan qapalı bir cəmiyyət deyil. Qapalı iqtisadiyyatımız, qapalı maliyyəmiz yoxdur, bütün dünyaya açığıq. Bütün dünyanın təsirləri bizdə də öz əksini tapır. Ancaq məharət, peşəkarlıq vətənpərvərlik ondadır ki, müsbət təsirlərin müsbət cəhətlərindən bəhrələnək, mənfi təsirlərin qarşısını alaq, özümüzü onlardan qoruya bilək. 2009-cu ilin makroiqtisadi göstəriciləri bunu göstərir. Bunu görməmək ədalətsizlik, günah olardı. Bunu da qəbul etməliyik.
Bir məsələyə də toxunmaq istəyirəm. Hər dəfə olduğu kimi, mən bunu təkrar edəcəyəm. Hər hansı bir sahəyə pul vəsaitinin artırılmasını tələb və xahiş edəndə biz mənbəni göstərməyə məcburuq. Mənbəni göstərməyəndə, deməli, bunların hamısını hökumətin boynuna qoyuruq, bu da düzgün yol deyil. Biz eyni məsuliyyət daşıyırıq. Birinci, mənbəni göstərməliyik, ikincisi də bunun əvəzinə büdcə, ölkə, dövlət nə qazanacaqsa, bunu deməliyik. Bu gün hər bir ucqar kəndə qaz xətti çəkməkdən bəhs edirik. Kəndlər var ki, mən konkret misal gətirə bilərəm, əsas xətdən 75 kilometr aralıdır. Oraya qaz xətti çəkmək, yanında həmin kəmərə xidmət etmək, təmir etmək üçün yol çəkmək və sair lazımdır. Bunun maliyyəsini biz fikirləşirikmi? Əvəzinə dövlət büdcəsinə nə gələcəkdir?
Bir dəfə demişəm, yenə də təkrar edirəm. Yəqin, Maykl Faradeyin kim olduğunu orta məktəbdən bilirsiniz. Maykl Faradey təcrübələrini Böyük Britaniyanın Baş nazirinə təqdim edəndə Baş nazir maraqsız yanaşıb və deyib ki, bunun nə faydası ola bilər? Sözlərin dəqiqliyinə cavabdeh deyiləm, ancaq mənasına yüzdə yüz cavabdehəm. Maykl Faradey deyib ki, büdcənizin mədaxil mənbələrinin genişlənməsinə və mədaxilin artmasına gətirən təcrübələrdir. Biz gərək bunu hər dəfə fikirləşək. Vətəndaş, Milli Məclisin deputatı olaraq bu bizim borcumuzdur. Bir də təkrar edirəm, maaşları artıraq, çox gözəl, amma əmək məhsuldarlığı ilə bərabərmi artırırıq? Bunları bir-birindən ayırsaq biz uğurlu bir istiqamətdə hərəkət edə bilməyəcəyik. Bunları da gərək yada salaq, bunlardan da gəlin danışaq.
Mən şəxsən bu büdcəni zəmanət büdcəsi adlandırıram. Ən çətin şəraitdə, ən gərgin bir vəziyyətdə biz əmin ola bilərik ki, bu olacaqdır. Mən əminəm ki, mədaxil dediyim ehtiyatlardan da artıq olacaqdır. Bu gün yazılandan, əlbəttə, başqa yerə getməyəcək. Millətimizin, ölkəmizin, iqtisadiyyatımızın inkişafına, o cümlədən mədəniyyətə, elmə və sair xərclənəcək. Ona görə, fikrimcə, bu büdcəni dəstəkləmək lazımdır.
Bu büdcəni hazırlayan insanlara mən şəxsən öz minnətdarlığımı bildirirəm, yüksək peşəkarlıqla hazırlanıbdır. Mən fəxr edirəm ki, bizim ölkəmizdə belə mütəxəssislər var. Boynumuza almalıyıq ki, büdcə prosesi ildən-ilə təkmilləşir. Daha dəqiq, ciddi, bütün təsirlərə dözümlü bir büdcəni hazırlamağı və icra etməyi öyrənmişik. Səhvlərimiz də, çatışmazlıq da, bəzi məqamlar da var. Ancaq bu da zaman, vaxt, təcrübə tələb edir. Bu yolla da Allahın köməkliyi ilə uğurla davam edəcəyik. Çox sağ olun, təklif edirəm, layihəni səs qoyaq, müsbət səs verək, alqışlayaq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Amma səsə qoymazdan qabaq hökumətə vaxt verəcəyik, verilən təkliflərə baxılacaq. Hələ 10 gün vaxtımız var. Havva Məmmədova.
H. Məmmədova. Çox sağ olun, cənab Sədr. Mən payız sessiyasında ilk dəfə çıxış etdiyimə görə, cənab Sədr, istəyirəm ki, Milli Məclisin yeni inzibati binasının qısa müddətdə tikilib istifadəyə verilməsinə və hər bir millət vəkili üçün yaratdığınız şəraitə görə şəxsən ölkə başçısına və Sizə bir daha dərin təşəkkürümüzü bildirim.
İndi isə büdcə ilə bağlı deyim ki, büdcə ilə ətraflı tanış olmuşam. Büdcə çox mükəmməl hazırlanmışdır və mən büdcənin lehinə səs verəcəyəm. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Elə bu gün müzakirəyə çıxarılan 2010-cu il dövlət büdcəsinin layihəsi 2009-cu il büdcəsinin davamıdır. Bu, Azərbaycanın strategiyasını müəyyənləşdirən ən mühüm sənəddir və burada qlobal maliyyə böhranının mənfi tendensiyaları nəzərə alınmaqla ölkəmizin orta və uzunmüddətli prioritetləri müəyyənləşdirilibdir. Birmənalı şəkildə demək olar ki, 2008-ci ilin ortalarından başlayaraq dünyanı cənginə alan böhran Azərbaycan iqtisadiyyatına digər inkişaf etmiş ölkələr, həmçinin MDB ölkələri ilə müqayisədə az təsir edib. Bu zaman ərzində digər ölkələrlə müqayisədə Azərbaycan 2010-cu il büdcə zərfindən də göründüyü kimi, yüksək makroiqtisadi dayanıqlıq nümayiş etdirir. Mən burada rəqəmlərdən danışmayacağam, çünki çox hörmətli hökumət üzvləri və millət vəkilləri fikirlər söylədilər. Ancaq qısaca olaraq bəzi rəqəmlərə diqqət yetirəcəyəm.
2009-cu ildə dünyanı bürüyən maliyyə böhranına, bir çox inkişaf etmiş ölkələrdə yaşanan iqtisadi çətinliklərə baxmayaraq, bu dövr ölkəmizin iqtisadiyyatının artımı kimi, xarakterizə olunmuşdur. Göründüyü kimi 2010-cu il dövlət büdcəsində ümumi daxili məhsulun artımı 35,4 faiz, sosial yönümlü xərclərin çəkisi isə 34,4 faiz proqnozlaşdırılmışdır. Demək, ümumiyyətlə, büdcə insanların sosial müdafiəsinə, onların rifahının yüksəldilməsinə xidmət edir. Bu mənada mən diqqəti qaçqın və məcburi köçkünlərin problemlərinə yönəltmək istərdim.
Ötən əsrin 1990-cı illərinin əvvəllərində Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün ordusu yaranmışdır. Mən bəzi müxalifət qruplarına fikirlərimi çatdırmaq istəyirəm. 1994-cü ildən bu günə qədər 15 ildir ki, Azərbaycan hökuməti bu qəbildən olan insanların problemlərinin həlli ilə məşğuldur. Hətta xaricdə təhsil alan qaçqın və məcburi köçkünlərə də hökumətimiz çox böyük diqqət və qayğı göstərir. Hər dəfə büdcə müzakirə olunan zaman Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, ərzaq təminatının artırılması üzrə Dövlət Proqramına əlavələr edilməsi bir daha onu göstərir ki, Prezidentimiz daim qaçqın və məcburi köçkünlərimizi diqqət mərkəzində saxlayır. Bu dəfə də qaçqın və məcburi köçkünlərə ayrılan müavinətləri gördüm və buna görə də mən Prezidentimizə və hökumət üzvlərinə, bu işlə məşğul olan Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə təmsil olunduğum Xankəndi sakinləri adından bir daha minnətdarlığımı bildirirəm.
Təkcə gələn il üçün məcburi köçkünlərin sosial müdafiəsinə 182,3 milyon manat ayrılıb. Məlumdur ki, ölkədə sonuncu çadır şəhərciyi iki ildir ləğv olunub. Ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmamışdır. Deməli, ayrılan bütün vəsaitlər qaçqın və məcburi köçkünlərimizin yarana biləcək problemlərinə sərf olunacaqdır. Bütün bunları sadalamaqda bir məqsədim var.
İndi təsəvvür edin ki, Azərbaycanın rayonları işğal olunmayıb, 1 milyondan artıq qaçqın və məcburi köçkün ordusu yoxdur. Bu sahəyə ayrılan bütün vəsaitin hamısı ölkənin inkişafına istiqamətləndirilib. Onda şübhəsiz ki, bizdə vəziyyət tamamilə fərqli olardı. Onda nəinki regionun, mən deyərdim ki, Azərbaycan dünyanın lider dövləti olardı. Amma çox təəssüf ki, bu gün Ermənistanın Azərbaycana təcavüzü davam edir və həmin təcavüz nəticəsində hələ torpaqlarımız işğal altındadır. Ona görə də mən fürsətdən istifadə edib demək istəyirəm, qaçqın və məcburi köçkünlərimiz çox böyük əminliklə bildirirlər ki, ölkə Prezidentinin xalqla vəhdəti, böyük iradəsi, siyasi bacarığı, çevik diplomatik gedişləri nəticəsində Qarabağ problemi də öz həllini tapacaqdır.
Sonda, hörmətli Sədr, bəzi fikirlərimi də səsləndirmək istəyirəm. Bu çıxışımda Səhiyyə Nazirliyinin diqqətinə çox vacib, yəni aztəminatlı ailələrin, xüsusən qaçqın və məcburi köçkünlərin müalicəsi, əməliyyat olunması ilə əlaqədar bir məsələni çatdırmaq istəyirəm. Bu qəbildən olan insanların 90 faizi Heydər Əliyev Fonduna, şəxsən Fondun prezidenti, çox hörmətli millət vəkilimiz Mehriban xanım Əliyevaya müraciət edir. Heydər Əliyev Fondunun xətti ilə yüzlərlə ürək qüsurlu uşaqlar əməliyyat olunmuşlar. Mən fürsətdən istifadə edərək belə qayğıkeşliyə, millətsevərliyə görə Mehriban xanıma təşəkkürümü bildirirəm. Amma halbuki bu insanların yaşadıqları və müvəqqəti məskunlaşdıqları rayonların səhiyyə şöbələri onlara lazımi diqqət göstərsələr, yerlərdən belə axınların qarşısı alınar. Səhiyyə nazirimiz bütün bu məsələləri nəzərə alar, qaçqın və məcburi köçkünlərin, xüsusilə aztəminatlı ailələrin, heç olmasa, qismən pulsuz müalicə olunmasına diqqət yetirər.
Mən sonda bildirmək istəyirəm ki, büdcəmiz mükəmməl hazırlanmışdır və büdcəmizin lehinə səs verəcəyəm. Deputat həmkarlarımı da buna çağırıram.
Sədrlik edən. Çox sağ olun, Havva xanım. İlham Məmmədov.
İ. Məmmədov. Sağ olun, cənab Sədr. Dünya iqtisadiyyatının reallığı şəraitində və yüksək peşəkarlıqla hazırlanmış bir büdcənin şahidi olduq. Burada müzakirələr zamanı, doğrudan da, bu büdcənin yüksək peşəkarlıqla hazırlandığının və bu günün tələblərinə cavab verdiyinin şahidi olduq. Mən də müsbət rəy bildirən deputat həmkarlarımın fikirlərinə qoşularaq bildirmək istəyirəm ki, belə cəsarətli, belə peşəkarlıqla hazırlanmış büdcəyə mütləq səs vermək lazımdır. Əslində, biz Milli Məclisin maliyyə orqanı olan Hesablama Palatasının peşəkarlıqla hazırlanmış rəyi ilə tanış olarkən büdcənin bütün məziyyətlərini gördük. Şübhəsiz, çıxışlarımızı elə bu əsasda qururuq. Bu bizə böyük dayaq, kömək oldu. Büdcə ilə daha yaxından tanış olduq.
2009-cu ilin büdcəsi qəbul olunduqdan sonra qısa bir zaman ərzində dünyada baş verən qlobal iqtisadi böhran 2010-cu ilin dünya iqtisadiyyatı proqnozlarının ağır olacağını göstərirdi. 2008-ci ilin ortalarından başlayan qlobal maliyyə böhranı cari ildə də miqyasını genişləndirmişdir. Dünyanın iqtisadi nəhəngləri hesab olunan bir çox bank-maliyyə sistemləri, korporasiyalar, şirkətlər belə, bu böhranın qarşısında davam gətirə bilməmişlər. Lakin ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi və bilavasitə tapşırıq və tövsiyələri ilə bu illər ərzində əsaslandırılmış, inkişaf edən xətt üzrə yüksələn və yüksək analitik təhlillər əsasında güclü bir iqtisadi baza yarada bilmişdir. Bütün bunların nəticəsi olaraq qlobal maliyyə böhranı ölkəmizdən hiss olunmadan keçmişdir.
Təkcə 2010-cu ildə açılacaq müəssisələrin, sənaye obyektlərinin, idman komplekslərinin, yolların və körpülərin, xəstəxanaların, parkların, mədəniyyət obyektlərinin, muzeylərin və nəhəng infrastrukturların, vaxtın darlığından sadalaya bilmədiyim nə qədər obyektlərin açılışı məhz 2009-cu ilin büdcəsi hesabına baş vermişdir. Mən yenə də təkrar edirəm, bu ancaq 2009-cu ilin büdcəsinin yüksək səviyyədə hazırlanması və dünya böhranından qorxmayaraq icra olunmağının nəticəsidir.
Büdcə təqdim olunarkən Mərkəzi Bankın İdarə Heyətinin sədri hörmətli Elman Rüstəmovun çıxışından eşitdik ki, böhran şəraitində bir çox ölkələrin milli valyutaları devalvasiyaya uğrasa da, Azərbaycan manatı bütün ticarət tərəfdaşlarımızın valyutalarına nisbətən 1 faiz möhkəmlənmişdir. Mən iqtisadçı deyiləm. Ancaq hesab edirəm ki, bu faktın özü ölkəmizdə antiböhran tədbirlərinin nə qədər peşəkarlıqla və məharətlə aparıldığını sübut edir. Təsəvvür edin ki, elə yaxın qonşu ölkələrdə – Rusiyada, Qazaxıstanda baş verən bu devalvasiya bizdə baş versə idi nə olardı, xalqın gün-güzəranı necə olardı? Ona görə də burada guya xalqın dərdinə yanaraq bu büdcəni, xalqı məhvə aparan və yaxud da digər pafoslu çıxışları ilə nə isə deməyə çalışan müxalifətə bildirmək istəyirəm ki, tək elə bu faktı gözünüzün qabağına gətirin və baxın, görün, hansı peşəkarlıqla və hansı antiböhran, qabaqlayıcı tədbirlər nəticəsində xalqımızın iqtisadi inkişafına nail olunubdur.
Bu gün dünyanı bürümüş qlobal böhran şəraitində hökumət nə etməli, büdcəni necə təqdim etməli idi? Hörmətli maliyyə nazirimiz Samir Şərifovun büdcə layihəsinin təqdimatındakı nitqindən qısa bir xatırlatmanı yadınıza salmaq istəyirəm. 2010-cu ilin dövlət büdcəsi 2010–2013-cü illər üzrə Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən ümumi daxili məhsulun 6,8 faizinin qeyri-neft sektorunun hesabına artması, 4,9 faizinin isə artım sürəti əsas götürülərək tərtib olunmuşdur. Burada büdcənin ayrı-ayrı hissələri barəsində hörmətli deputat həmkarlarım çox geniş izahatlar da verdilər, fikirlərini də bildirdilər. Bu sahəyə mən qayıtmaq istəmirəm, çünki məndən əvvəl peşəkar iqtisadçılarımız bu barədə sözlərini dedilər.
Büdcənin müsbət məziyyətlərindən biri də budur ki, 2010-cu ilin dövlət büdcəsi xərclərinin 39 faizi konkret proqramlara, tədbirlərə həsr olunubdur. 34,3 faizi sosial xərclərə ayrılmışdır. Eyni zamanda, keçənilki təkliflər əsasında yenə də hökumət cəsarətli addım ataraq və bizlərin fikirlərini dinləyərək ilk dəfə kənd yerlərində səhiyyə müəssisələrinin yaradılması, kadrların cəlb olunması prosesini yaxşılaşdırmaq məqsədi üçün vəsait ayırmışdır. Mən fürsətdən istifadə edərək hörmətli maliyyə nazirindən, hökumətdən bir xahiş etmək istəyirəm. Şəkərli diabet üzrə Dövlət Proqramı yeganə dövlət proqramıdır ki, Nazirlər Kabinetinin qərarına görə 2010-cu ildə ona ayrılan vəsait 15 faiz artacaq. Artıq bu xəstəlik deyil, bu həyat şəraitidir. Ayrılan 8 milyon manatın mərkəzləşdirilmiş qaydada təkcə şəhərdə yox, rayonlarda da dərman vasitələrinə xərclənməsini xahiş edirəm. Bütün deputat həmkarlarımı büdcəyə səs verməyə dəvət edirəm. Diqqətinizə görə minnətdaram.
Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin  birinci  müavini Z. Əsgərov  sədrlik  edir
 
Sədrlik edən. Sağ olun. Nizami İsgəndərov.
N. İsgəndərov. Hörmətli sədarət, hörmətli hökumət üzvləri, hörmətli həmkarlarım! Müzakirə etdiyimiz 2010-cu il üçün nəzərdə tutulan dövlət büdcəsinin qəbulunu müsbət sayıram. Əslində, 2010-cu il dövlət büdcəsi son 2 illə müqayisədə kəsirlə qəbul edilsə də, rəqəmlərə diqqət yetirərkən heç bir böyük fərq müşahidə olunmur. Hesab edirəm ki, bu gün dünyanı bürüyən iqtisadi böhranın tüğyan etdiyi bir vaxtda Azərbaycan dövləti bu qədər az kəsirlə öz büdcəsini qəbul edirsə, deməli, dövlət büdcəsinin qəbulu birmənalı olaraq dəstəklənməlidir. Son bir ildə iqtisadi böhranın istər dünyanın ən inkişaf etmiş aparıcı ölkələrinə, istərsə də region dövlətlərinə vurduğu ziyanın Azərbaycana təsirini müqayisə etsək görərik ki, dövlətimiz həmin ölkələrlə müqayisədə xeyli ziyansız ötüşüb.
Bir rəqəmi diqqətinizə çatdırmaq istərdim. 2009-cu ilin 9 ayı ərzində adambaşına düşən ümumi daxili məhsul 6,1 faiz olmuşsa, 2010-cu ildə bu artım 6,8 faiz planlaşdırılır. Digər makroiqtisadi göstərici –  adambaşına düşən ümumi daxili məhsul 2010-cu ildə 3627 manat nəzərdə tutulur ki, bu da 2009-cu ilə nisbətdə 2,4 faiz çoxdur. Hazırkı vəziyyətdə həm cüzi ziyanla böhrandan yan keçmək, həm də büdcəni ötən illərlə müqayisədə az kəsirlə formalaşdırmaq dövlətimiz adına qazanılan uğurdur. Büdcənin formalaşmasında, əsasən, vergi, gömrük və Dövlət Neft Şirkətinin böyük payı vardır. Adı çəkilən qurumların fəaliyyətini danmaq olmaz. Burada ölkəmizin təbii resurslarının çox olması vacib şərtdir. Ancaq ən əsas məsələ zəngin sərvətlərdən səmərəli istifadə olunmasıdır.
Büdcənin formalaşdırılması vacib element olduğu kimi, dövlət büdcəsindən təhsil, səhiyyə, müdafiə və digər sahələrə ayrılan xərclər də əsaslı olmalıdır. Ayrı-ayrılıqda hər bir sahəyə diqqət yetirərkən belə qənaətə gəlmək olar ki, 2010-cu ilin büdcəsi dəqiqliklə işlənib hazırlanmışdır. Mən, əsasən, diqqətinizi bir məsələyə yönəltmək istəyirəm. Dövlət müdafiə sistemini gücləndirmək üçün yola salacağımız illə müqayisədə sözügedən sahəyə daha çox maliyyə vəsaiti sərf etmişdir. Mən bu məsələni çox müsbət hal kimi qiymətləndirirəm. Hesab edirəm ki, dövlətçiliyin onurğa sütunu olan müdafiə sahəsini əhatə edən qurumlara xərclərin artırılması lazımlı və vacibdir.
Digər sahələrə də dövlət büdcəsindən ayrılacağı nəzərdə tutulan xərclər belə bir böhranlı vəziyyətdə düzgün hesablanmışdır. Çünki dövlətin istənilən vəziyyətdə hazır olması hökmən nəzərə alınmalıdır. Bunun üçün ölkəmizdə səmərəli icra mexanizmi ilə yanaşı sabitlik mövcuddur. Bu da bir həqiqətdir ki, Azərbaycanda mərkəzləşdirilmiş idarəçiliyin təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu gün həmin siyasət dövlət arenasında söz sahibinə çevrilən yaradıcı Prezidentimiz cənab İlham Əliyevin idarəçiliyi altında davam etdirilir. Ölkəmizdə aparılan iqtisadi-sosial islahatlar bizə deməyə əsas verir ki, Azərbaycan xalqı həm ümummilli liderimizi, həm də cənab İlham Əliyevi özünə lider seçməkdə yanılmayıb.
Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, bəzi həmkarlarımın büdcənin formalaşmasında böyük rolu olan qurumların ünvanlarına tənqid və təhqirlərini əsaslı saymıram. Hər birimiz yaxşı bilirik ki, iş olan yerdə müəyyən çatışmazlıq olur. Ancaq bu bizə əsas vermir ki, bütövlükdə həmin qurumlarda çalışan insanların fəaliyyətinə kölgə salaq. Hörmətli millət vəkilləri, mən hamını bu layihəyə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rauf Əliyev.
R. Əliyev. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli hökumət nümayəndələri, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi çox mükəmməl və peşəkar hazırlanıb. Mən bu layihəyə səs verəcəyəm və həmkarlarımı da buna dəvət edirəm. Mən bir neçə problemi qaldırmaq istəyirəm. Bu problem xahiş formasındadır. Çünki bu problemləri dövlətsiz, hökumətsiz həll etmək mümkün deyil.
Son illər Bakı şəhərinin Əzizbəyov rayonunda həm təhsildə, həm səhiyyədə, həm mədəniyyət ocaqlarında, həm idmanda, həm də  kommunal məsələlərdə böyük işlər görülüb. Amma elə problemlər var ki, Əzizbəyov rayonunda 40 ildir öz həllini tapmayıb. Həmin problemlərdən biri də Pirallahıda damba məsələsidir. Pirallahıda 15 min əhali yaşayır və damba əhalinin gedib-gəldiyi yeganə yoldur. İki tərəfdən su ilə əhatə olunan bir yerdir. Ən strateji məsələ ondan ibarətdir ki, buradan neftçilər gəmilərlə iş yerlərinə gedirlər. 2008-ci ildə dambanın təmirinə başlandı, amma bu il dambanın təmiri dayandırıldı, çünki vəsait olmadı. Ona görə xahişim ondan ibarətdir ki, gələn ilin dövlət büdcəsinə hökumət nümayəndələri baxsınlar və bu məsələnin həllini tapmaq üçün kömək etsinlər.
Digər ikinci məsələ. Əzizbəyov rayonunda 34 məktəb var. Son 4 il ərzində həm yeni məktəblər tikilib, həm də təmir olunub, amma bir neçə qəsəbə – Buzovnada, Türkanda, Mərdəkanda elə məktəblər var ki, 1970-ci illərdən sonra təmir olunmayıb. Ona görə Təhsil Nazirliyindən xahiş edirəm ki, 2010-cu ilin planına baxsınlar və bu məktəbləri təmirə salsınlar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Dünyamin Xəlilov.
D. Xəlilov. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Bir neçə gün ərzində 2010-cu ilin dövlət büdcəsinin layihəsi parlamentdə müzakirə olunub və həmkarlarım tərəfindən bir çox dəyərli fikirlər səsləndirilib. Mən də öz növbəmdə bir neçə məqamı önə çəkərək sizin diqqətinizi cəlb etmək istəyirəm.
2010-cu ilin dövlət büdcəsi kifayət qədər ehtiyatla hazırlanıb. Bu da başa düşüləndir, çünki dünyada hökm sürən iqtisadi və maliyyə böhranı bunu etməyə vadar edir. Neftin qiyməti də 45 dollar səviyyəsində göstərilib. Amma neft qiymətinin artımı, onun proqnozu müsbətə doğru getdiyi üçün güman etmək olar ki, neftin qiyməti gələn il daha yüksək olacaq və gələn ilin ortalarında dövlət büdcəsinə müəyyən təshihlər edilə bilər.
Dövlət büdcəsinin strukturunda investisiya layihələri həmişə olduğu kimi böyük yer almışdır. Bu da təqdirəlayiqdir. İlk öncə burada yol inşaatını önə çəkmək istəyirəm. Son zamanlar Azərbaycanda yol inşaatı ilə əlaqədar bir çox işlər görülmüşdür. Bunu da nəzərə almaq lazımdır ki, dövlət zəmanəti hesabına xaricdən uzunmüddətli və ucuz pulların gətirilməsi məsələsi də gündəmdədir. Ona diqqət yetirmək lazımdır. Ən önəmlisi isə təmsil olunduğum bölgə – Balakən, Zaqatala rayonları Şəki–Zaqatala iqtisadi bölgəsində yerləşdiyi üçün xahiş edərdim ki, Xaldan–Balakən yolunun inşası məsələsi də gündəmdə olsun və tezliklə bu işlərə başlanılsın.
Bir çox ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalı daim dövlət nəzarəti altındadır və bu sahəyə dövlət tərəfindən dotasiya verilir. Bizdə isə taxıl məhsulları istisna olmaqla digər kənd təsərrüfatı məhsulları dövlət tərəfindən dotasiya edilmir. Çox yaxşı hal olardı ki, bu məsələlərə dövlət tərəfindən baxılsın və dövlət büdcəsində dotasiya məsələsi önə çəkilsin, çünki kənd təsərrüfatı məhsullarının istehsalı, növbəti mərhələdə isə emalı nəzərdə tutulur. Belə olan halda Azərbaycanda xarici bazarlara çıxarılması üçün ekoloji cəhətdən təmiz və rəqabətə davamlı məhsullar hazırlamaq olar. Bu da ölkənin ixrac potensialına müsbət təsir edə bilər. Digər tərəfdən, Azərbaycanda kifayət qədər imkanlar var ki, pambıqçılığın istehsalı artırılsın, bu da nəticə etibarı ilə yüngül sənayenin inkişaf etdirilməsinə aparıb çıxara bilər.
Energetika sahəsində də böyük işlər görülmüşdür. Son zamanlar hökumət tərəfindən bərpa olunan enerji mənbələrinə də diqqət yetirilir. Burada ən önəmli məsələlərdən biri dövlət tərəfindən alış qiymətləri məsələsidir. Çox arzu edərdim ki, tarif məsələlərinə baxılsın. Belə olan halda bu sahə Azərbaycanda geniş inkişaf edəcək. Son nəticədə bu, ətraf mühitə mənfi təsiri azaldacaq. Digər tərəfdən isə kifayət qədər neft və qaz məhsullarının qənaətinə aparıb çıxaracaq. Bunları xarici bazarlara çıxararaq hökumət əlavə gəlir əldə edəcək. Bu barədə çox söyləmək olar. Amma son olaraq söyləmək istəyirəm, mən əminəm ki, büdcə qəbul olunacaq. Amma ən önəmli məsələ bu büdcənin icrası ilə bağlıdır. Bu sahədə mən hökumətə uğurlar arzu edirəm.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Eyvaz Qurbanov.
E. Qurbanov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən hesab etmirəm ki, 2–3 gün ərzində deputat həmkarlarımın dediklərindən fərqli nə isə yeni bir söz deyəcəyəm. Sadəcə olaraq, mən seçildiyim bölgə ilə bağlı bir məsələ qaldırmaq istəyirəm. Son illər ölkəmizdə gedən quruculuq, yenilik, abadlıq işləri barədə geniş söhbətlər getdi. Ona görə də Oğuz–Qəbələ–Bakı su kəməri haqqında da ciddi söhbətlər oldu. Son illərdə Azərbaycanda hökumətin gördüyü işlərdən biri Oğuz–Qəbələ–Bakı su kəməridir. Ancaq onu deməyə məcburam ki, bu gün Oğuz rayonunda bəzi kəndlərin ərazisindən Bakı şəhərinə su çəkilməsinə baxmayaraq, həmin kəndlərin özləri içməli sudan çox böyük əziyyət çəkirlər. Mən xahiş edirəm ki, hökumət 2010-cu ildə bu kəndlərin içməli su ilə təmin olunmasında əlində olan bütün imkanlardan istifadə etsin.
İkinci təklifim də vardır. Heç kim üçün sirr deyil ki, ölkəmizdə cənab Prezidentin rəhbərliyi altında idmana, bədən tərbiyəsinə və olimpiya hərəkatına nə qədər yüksək diqqət göstərilir. Bu sahədəki bütün problemlər həll olunur. Ölkəmizin müxtəlif bölgələrində dünya standartlarına cavab verən yeni idman qurğuları tikilir və gənclərimizin istifadəsinə verilir. Mən onu deməyi özümə borc bilirəm ki, bu qurğular, doğrudan da, müasir standartlara cavab verir və onların texniki imkanları da çox genişdir. Ancaq təcrübə göstərir ki, bu idman qurğularının işlədilməsində, onların faydalı iş əmsalının yüksəldilməsində müəyyən çətinliklər əmələ gəlir. Təklif edirəm, əgər mümkündürsə, 2010-cu ilin büdcəsində bu olimpiya komplekslərinin büdcədən maliyyələşdirilməsi məsələsinə baxsınlar. Bu gün bütün rayonlarda idman məktəbləri var. Bu məktəblərin iş fəaliyyəti o qədər də yüksək deyil. Ancaq yeni tikilmiş olimpiya kompleksləri bu sahədə böyük işlər görə bilər. Təklif edirəm, Maliyyə Nazirliyi öz daxili imkanlarına baxsın və köməklik göstərsin.
Ümumən, büdcə, hesab edirəm ki, qəbul olunacaq və mən də deputat həmkarlarıma qoşuluram və bu büdcənin lehinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, 76 millət vəkili çıxış etdi. Çıxış etmək istəyənlərin hamısına söz verildi. İcazə verirsinizsə, bizim hökumət nümayəndələri sizin qaldırdığınız bəzi suallara aydınlıq gətirsinlər. Söz verilir Azərbaycan Respublikası Baş nazirinin müavini hörmətli Əli Həsənova.
Ə. Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
Hörmətli cənab Sədr, təşəkkür edirəm ki, mənə imkan yaratdınız. Ölkənin ən ağır və ən həssas problemi olan qaçqın və məcburi köçkünlərin sosial problemləri barədə qısaca da olsa hörmətli millət vəkillərini məlumatlandırım. XXI əsrin dahi şəxsiyyəti olan Heydər Əliyev bu problemə gündəlik nəzarət etməklə diqqət və qayğı göstərirdi. Bu gün həmin qaydada ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev bu problemə daim qayğı göstərir və problemin həlli yollarını öz şəxsi nəzarətində saxlayır. Çadır şəhərcikləri ləğv olunandan sonra ölkə Prezidenti ölkədə bu sahədə mövcud olan dövlət proqramına əlavələr qəbul etdi və yeni prioritetlər müəyyənləşdirdi. Bu prioritet ölkədə fin qəsəbələrində yaşayan 25 min, fəaliyyətdə olan hərbi hissələrdə 6 min və fəaliyyətdə olan məktəblərdə 11 min məcburi köçkünün köçürülməsini nəzərdə tutur. Hazırda tərəfimizdən həmin proqramın icrası davam etdirilir.
Bu il də artıq 3 qəsəbəyə məcburi köçkünləri köçürmüşük. 557 ailə – 2453 nəfər Goranboy ərazisinin kənd bölgəsində, Sabunçu rayonunun Pirşağı qəsəbəsində və Göygöl rayonunun ərazisində yerləşdirilib. Bu ilin sonuna qədər, daha doğrusu, noyabr ayında biz yenə 3 əraziyə 1117 ailəni və 3950 nəfəri köçürməyi planlaşdırırıq. Bakı şəhərinin Binəqədi rayonunda 1600 nəfər məcburi köçkünün köçürülməsi nəzərdə tutulur. Goranboy rayonu ərazisində Veysli kəndində birinci fin qəsəbəsinə Kəlbəcər köçkünləri olan 596 ailənin – 2680 nəfərin və Qəbələ rayonu ərazisində çox ağır şəraitdə yaşayan Kəlbəcər, Şuşa və digər rayonlardan olan 157 məcburi köçkün ailəsinin – 668 nəfərin köçürülməsi noyabr ayında, hesab edirik ki, başa çatacaq. Beləliklə, bu il dövlət proqramına uyğun olaraq 1700 ailə – 6500 nəfər məcburi köçkün yeni qəsəbələrdə yaşayacaqdır.
2010-cu il üzrə dövlət komitəsi tərəfindən Maliyyə Nazirliyinə təqdim olunan büdcə proqnozuna toxunulmayıb. Necə təqdim edilibsə, o cür də qəbul olunub. Baxmayaraq ki, müəyyən dərəcədə maliyyə çətinlikləri var. Maliyyə Nazirliyi bu sahəni ölkənin bir nömrəli prioriteti olduğunu nəzərə alaraq təqdim olunmuş proqnozu tam həcmdə qəbul edibdir. Gələn il fin qəsəbələrinə Yevlax rayonunun ərazisindən 612 ailənin – 2450 nəfərin Dövlət Neft Fondunun vəsaiti hesabına köçürülməsi nəzərdə tutulub. Təxminən 5-10 mərtəbəli binaların tikintisi, Mingəçevir şəhərində 500 ailənin köçürülməsi üçün artıq layihələr də hazırdır, maliyyə vəsaitləri ayrılandan sonra bir daha baxılacaqdır. Füzuli rayonunda olimpiya idman kompleksinin təhvil verilməsi nəzərdə tutulur. Hesab edirik, bunları təhvil vermək imkanlarımız olacaqdır.
Burada hörmətli millət vəkillərindən Zahid Orucov, Aydın Mirzəzadə və Aynur Quliyeva Bərdə, Tərtər və Mingəçevir rayonlarında məktəblərdə yaşayan məcburi köçkünlərin problemləri ilə əlaqədar məsələlərə toxundular. Məlumat üçün bildirirəm ki, bu gün ölkənin 46 rayonunda 262 məktəbdə 11 min məcburi köçkün yaşayır. Təbii ki, yolverilməz haldır, lakin bu, dövlət proqramında tam nəzərdə tutulubdur. Gələn il Mingəçevir şəhərində 13 məktəbdən 404 ailənin köçürülməsi üçün layihə tam hazırlanıbdır. Yəqin ki, onun tikintisinə başlanılacaqdır. Tərtər rayonunda 5 məktəbdən 10 ailənin köçürülməsi üçün torpaq sahəsi ayrılıbdır və layihə işlərinə başlanılacaqdır. Qeyd edim ki, 46 rayondan ən ağır rayon Bərdə rayonudur. Məhz Bərdədə 32 məktəbdə 866 ailə məskunlaşmışdır. Orada torpaq ayrılması problemi həll olunmayıb. Lakin söz verirlər, bu yaxınlarda 14 hektar şəhərətrafı ərazidə torpaq ayrılacaq və biz torpaq ayrılan kimi, layihələndirmə işlərinə başlayacağıq.
Mən ötən dövr ərzində qaçqın və məcburi köçkünlər üçün sərf olunan vəsait və onun istifadəsi barədə millət vəkillərinə çox qısa məlumat vermək istəyirəm. Ötən dövrdə bütövlükdə qaçqın və məcburi köçkünlər üçün 2,9 milyard dollar vəsait xərclənib. Bunun 750 milyon dolları beynəlxalq təşkilatlarındır, 850 milyon dolları Dövlət Neft Fondunun vəsaitidir və 1 milyard 300 milyon dolları isə büdcə vəsaitləridir. Dövlət Neft Fondundan ayrılan vəsait hesabına bu günə qədər ölkə ərazisində 62 qəsəbə salınıbdır, 18 min 200 mənzil, 1,1 milyon kvadratmetr mənzil sahəsinin tikintisi başa çatdırılıb və 82 mindən yuxarı məcburi köçkün və qaçqınlar həmin qəsəbələrə köçürülüblər. Bu qəsəbələrdə 123 müasir məktəb, 37 uşaq bağçası, 45 tibb məntəqəsi, 4 musiqi məktəbi tikilib, 542 km asfalt yol çəkilib. 644 km su xətti, 1000 km yüksək gərginlikli elektrik xətləri çəkilib, 550 müxtəlif güc transformatoru, o cümlədən 250 meqavat gücündə olan transformatorlar da quraşdırılıb və yüzlərlə subartezian quyuları qazılıb. Hazırda məcburi köçkünlərin elektrik enerjisi, qaz, su təminatında heç bir problem yoxdur. Mütəmadi olaraq bununla təmin olunurlar. Görülən işlərin nəticəsi olaraq keçən il ərzində bir məcburi köçkünə 778 dollar vəsait xərclənib. Millət vəkillərinə bu rəqəm kiçik görünə bilər. Ancaq bu kiçik deyil, dünyada mövcud olan konflikt zonalarında bu ən yüksək rəqəmdir. Hətta digər konflikt zonalarında bir qaçqına sərf olunan vəsait 400 dollardan yuxarı qalxmayıb. Lakin Azərbaycan dövləti bir məcburi köçkünə keçən il ərzində orta hesabla 778 dollar vəsait xərcləyib. Bütün görülən bu işlərin nəticəsi olaraq əgər 4 il bundan öncə məcburi köçkünlər arasında yoxsulluq həddi 74 faiz təşkil edirdisə, bu gün 25 faizə enib.
Bu gün bütövlükdə qaçqın, məcburi köçkünlərin sosial problemləri tam öz həllini tapıb. Məcburi köçkünlər tam olaraq dövlətin himayəsindədirlər və bu sahə dövlət tərəfindən tam idarə olunur. Yeganə problem Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ problemidir. Biz ümidvarıq ki, bu problem də öz həllini tapacaqdır. Prezident cənab İlham Əliyev qısa bir müddətdə ölkənin hərtərəfli inkişafını təmin edib və dünya miqyasında kiçik bir dövlət olan Azərbaycanı dünyanın hegemon dövlətləri arasında önəmli, aparıcı yerə çıxarıb. Biz tam əminik, ümidvarıq, baxmayaraq ki, bu problem çox çətinləşib, onun həlli çox dərinləşib. Cənab Prezidentin apardığı müstəqil siyasət bizi tam əmin edir, qısa müddətdə cənab Prezident bu problemin də həllinə nail olacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Azərbaycan Respublikasının vergilər naziri hörmətli Fazil Məmmədov.
F. Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Hörmətli Sədr, həm suallara cavab verməyə, həm də müvafiq məsələlərə aydınlıq gətirməyə şərait yaratdığınıza görə çox sağ olun. Eyni zamanda, millət vəkillərinə təşəkkür edirəm, büdcənin müzakirəsində ciddi təhlillər aparmışlar. Büdcənin gəlirlər hissəsinin formalaşmasında ciddi təhlillər gedib və bunun əsasında da müəyyən suallar qoyulmuşdur. Hesablama Palatasının əsaslı şəkildə yazılmış hesabatlarında, hökumətin digər sənədlərində, mütəmadi olaraq Dövlət Statistika Komitəsinin və yaxud digər hesabatlarda öz əksini tapan, xüsusilə də büdcə gəlirlərinin formalaşması sahəsində müxtəlif statistik rəqəmlər olmasına baxmayaraq, bir çox rəqəmləri hörmətli millət vəkillərinin qoyduqları suallar əsasında izah etməyə məcburam. Ona görə konkret məsələlər seçəcəyəm.
Burada deputatlardan İltizam Əkbərli, Fazil Mustafa, Pənah Hüseyn, İqbal Ağazadə sual qoydular ki, ümumi büdcə gəlirlərində vergi gəlirlərinin xüsusi çəkisi niyə azalıb? Qeyri-neft sektoru üzrə daxilolmalar gələn il də bu ilə nisbətən az proqnozlaşdırılıb. Nəyə görə? Bildiyimiz kimi, hələ 2009-cu il başlayarkən bütün dünya iqtisadiyyatı üçün çox çətin, həm də sınaq ili olacağı məlum idi. Bir sıra beynəlxalq ekspertlər və nüfuzlu maliyyə institutları 2009-cu ildə dünya maliyyə böhranının daha da dərinləşəcəyinə, bu böhranın iqtisadiyyatın sahələrini daha da geniş əhatə edəcəyinə dair aydın proqnozlar vermişdilər. Belə bir şəraitdə işə başlayan hökumətimiz möhtərəm cənab Prezidentin rəhbərliyi ilə 2009-cu ildə qeyri-neft sektorunun dayanıqlığının qorunub saxlanması, düzgün maliyyə, vergi və kredit siyasətinin həyata keçirilməsi və ölkədə qeyri-neft sektorunun nəinki azalmaması, əksinə artacağını təmin edəcək strategiya hazırlamış və il ərzində həyata keçirməkdədir.
Dünya maliyyə iqtidarının verdiyi proqnozlar isə bütün dünyada, o cümlədən yaxın qonşu ölkələrin timsalında özünün təsdiqini tapmışdır. Belə ki, 2008-ci ilin 9 ayı ilə müqayisədə 2009-cu ilin 9 ayında qeyri-neft sektoru üzrə vergi daxilolmalarında Qazaxıstan Respublikasında 34,4 faiz, Rusiya Federasiyasında 34,3 faiz, Gürcüstan Respublikasında 19,2 faiz, Moldova Respublikasında 12,3 faiz tənəzzül müşahidə olunmuşdur. Bu siyahını uzatmaq, əlavə etmək olar.
Respublika rəhbərliyinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı yüksək dayanaqlıq göstərmiş, yaxın qonşu ölkələrdə tənəzzülün əksinə olaraq 2009-cu ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə büdcəyə təkcə Vergilər Nazirliyinin xətti ilə 1 milyard 714 milyon vəsait daxil olmuşdur ki, bu da 2008-ci ilin müvafiq dövrünün göstəricisindən 12,7 milyon manat və ya 0,7 faiz çoxdur. Nəzərə almaq lazımdır ki, neft sazişləri çərçivəsində fəaliyyət göstərən xarici subpodratçılardan 2009-cu ilin yanvar-sentyabr ayları ərzində büdcəyə 216 milyon manat vergi daxil olmuşdur ki, bu da 2008-ci ilin müvafiq dövrünün göstəricisindən 94,7 milyon manat və ya 30,5 faiz azdır. Neft sazişləri çərçivəsində fəaliyyət göstərən xarici subpodratçılar istisna olmaqla, qeyri-neft sektorunun digər vergi ödəyicilərindən 2009-cu ilin yanvar-sentyabr ayları ərzində 1 milyard 498,7 milyon manat vergi daxil olmuşdur ki, bu da 2008-ci ilin müvafiq dövrünün göstəricisindən 107,5 milyon manat və ya 7,7 faiz çoxdur. Nəticədə qeyri-neft sektorunun vergi daxilolmaları sektoru üzrə ümumi daxili çəkisi sektorun xüsusi çəkisi, 2008-ci ildəki 15,6 faizdən 2009-cu ilin yanvar-sentyabr ayları üzrə 16,1 faizə qədər yüksəlmişdir.
Hörmətli millət vəkilləri, yəqin, diqqətlə dinləyirlər ki, 2009-cu ilin 9 ayında qeyri-neft sektoru üzrə vergi daxilolmalarında nəinki azalma olmamış, əksinə, artıma nail olunmuşdur. Mən açığını söyləyim ki, yuxarıda sadalanan şəraitdə yalnız möhtərəm cənab Prezidentin çox cəsarətli, uzaqgörən siyasəti və verdiyi konkret tapşırıqların hökumət tərəfindən icrası bu sektorun dayanaqlılığını təmin etmiş və ümumi daxili məhsulda olduğu kimi, vergi daxilolmalarında da artım müşahidə olunmuşdur.
Qeyri-neft sektorunun vergi daxilolmalarının qonşu ölkələrdə hansı vəziyyətdə olduğunu mən bir qədər əvvəl söylədim. Təkcə Rusiyada qeyri-neft sektorunun 2010-cu il üçün vergi daxilolmalarının 2008-ci ildə bu sektordan yığılan vergilərdən ən azı iki dəfədən aşağı olacağı proqnozlaşdırılır. Ölkəmizdə isə gələn il təkcə Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə 2 milyard 450 milyon manat büdcə proqnozu tapşırığı müəyyən edilmişdir ki, bu da 2009-cu ilin göstərilən daxilolma məbləğindən 86 milyon manat və ya 8,2 faiz çoxdur. Yəni sektorlar üzrə proqnozlaşdırılan 4,9 faiz ümumi daxili məhsulun artımını 1,7 dəfə qabaqlayır. Proqnoz tapşırıqların və vergi yığımının strukturuna baxsaq, görərik ki, 2009-cu ildə gözlənilən daxilolmalara nisbətən əsas artımın əlavə dəyər vergisinin 32,7 faizinin, fiziki şəxslərin gəlir vergisinin 18,2 faizinin sadələşdirilmiş verginin 12,9 faizinin payına düşdüyünü müşahidə etmək olar.
Son olaraq bir faktı da söyləmək istərdim, qeyri-neft sektorundan daxil olan vergilər 2003-cü ildən bu günə qədər mütəmadi olaraq artır və bu artım 2010-cu ildə davam edəcəkdir. Əgər 2007-ci ildə Vergilər Nazirliyinin xətti ilə yığılan vergilərdə qeyri-neft sektorunun xüsusi çəkisi 35,4 faiz idisə, bu il daxil olacaq vergilərin 66 faizini, gələn il üçün isə 61 faizini qeyri-neft sektorundan vergi daxilolmaları təşkil edəcəkdir.
Millət vəkilləri İltizam Əkbərli, Əli Məsimli sual verdilər ki, neft konsorsiumlarının mənfəət vergisi niyə azalır, nə üçün verginin azalma sürəti neftin qiymətinin azalma sürətindən daha artıqdır? Bu barədə mən ətraflı məlumat verəcəyəm, amma bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, bu məlumatlar həm Dövlət Neft Fondunun, həm də şəffaflıq proqramı çərçivəsində Azərbaycanın Beynəlxalq Əməliyyat Şirkətinin bütün hesabatlarında var. Eyni zamanda, mənfəət vergisinin azalması məsələsi bu rəqəmlərdə öz əksini tapmışdır. Amma mən bir daha təhlil edib, sizə məlumat verməyi özümə borc bilirəm. Sazişdə fəaliyyət göstərən müvafiq neft konsorsiumları, podratçı tərəflərin mənfəət vergisi üzrə 2008-ci ilin 9 ayında büdcə daxilolmaları 1 milyard 783,8 milyon manat, 2 milyard 154 milyon ABŞ dolları olmuş, 2009-cu ilin müvafiq dövrü üzrə bu göstərici 7,4 dəfə və ya 1 milyard 572 milyon manat məbləğində azalaraq 211,8 milyon manat təşkil etmişdir.
Mənfəət vergisi ödənişlərinə təsir göstərən aşağıdakı 3 amili qeyd etmək çox vacibdir: Azəri–Günəşli–Çıraq yatağında hasil olunmuş neftdə dövlətin və podratçı tərəflərin pay nisbəti, neft hasilatı, neftin orta illik qiyməti. 2008-ci ilin 9 ayında büdcəyə mənfəət vergisi üzrə daxilolma 2 milyard 154 milyon ABŞ dolları olmuşdur ki, həmin dövrdə neft hasilatı 206 milyon barel, orta gündəlik hasilat 755 min barel, neftin orta qiyməti isə 102,3 ABŞ dolları təşkil etmişdir. Ümumi hasil olunmuş neftdə podratçı tərəflərin payına düşən gəlirlər 12 milyard 85 milyon ABŞ dolları, dövlətin payı isə orta hesabla 6 milyard 565 milyon ABŞ dolları olmuşdur. 2009-cu ilin müvafiq dövrü ilə büdcəyə mənfəət vergisi üzrə daxilolma 292,9 milyon ABŞ dolları olmuşdur ki, həmin dövrdə neft hasilatı 189,7 milyon barel, neftin orta qiyməti isə 52,8 ABŞ dolları təşkil etmişdir.
Ümumi hasil olunmuş neftdə podratçı tərəflərin payına düşən gəlirlər 3 milyard 906 milyon ABŞ dolları, dövlətin payı orta hesabla 7 milyard 941,7 milyon ABŞ dolları təşkil etmişdir. Beləliklə, 2009-cu ilin 9 ayında 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə neftin qiyməti 49,4 ABŞ dolları və ya iki dəfə, podratçı tərəflərin ümumi hasil olunmuş neftdə payı 75 faizdən 25 faizə, yəni 3 dəfə aşağı düşmüşdür. Eyni zamanda, bu dövrdə neft hasilatı da 8,7 faiz azalmışdır. Qeyd edilən üç əsas amilin təsirindən müqayisə olunan dövrdə podratçı tərəflərin rentabellik göstəricisi 244,6 faizdən 6 dəfə azalaraq 41 faizə enmişdir və bunun nəticəsində mənfəət 7,3 dəfə azalaraq 8 milyard 619 milyondan 7 milyon 447 milyon ABŞ dollarına düşmüş, nəticədə mənfəət vergisinin səviyyəsi 1 milyon 861,9 milyon ABŞ dolları azalmışdır.
Millət vəkilləri İltizam Əkbərli, Vahid Əhmədov, Zahid Orucov, Əli Məsimli, Nəsib Nəsibli sual qoydular ki, vergi borcları artaraq 5,9 milyard manata çatıb, niyə bunun qarşısı alınmır, özəl sektorun borcları niyə ödənilmir? 2009-cu il 1 oktyabr tarixinə faktiki fəaliyyət göstərən 201 min 726 vergi ödəyicisindən 21 min 548 vergi ödəyicisinin 5,9 milyard manat, o cümlədən əsas borc 3,2 milyard manat, faiz borcu 2,4 milyard manat və ya maliyyə sanksiyası üzrə borc 0,3 milyard manat, yəni 300 milyon manat olmuşdur. Göründüyü kimi, borcların 2,7 milyard manatı və ya 45,8 faizi vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlərin tətbiq edilməsindən, maliyyə sanksiyalarından ibarətdir.
Əsas borcun 1,5 milyard manatı və ya 46,9 faizi dövlət müəssisələrinin, xüsusən də kommunal sektora məxsus müəssisələrin köhnə dövrdən qalan borclarıdır. Son zamanlar kommunal sektorda ödəmələr sahəsində həyata keçirilən məqsədəuyğun tədbirlər söyləməyə əsas verir ki, bu borcların ödənilməsi sahəsində də ciddi irəliləyişlər olacaq.
Əsas borcun digər, yəni özəl sektora aid olan 1,7 milyard manatı isə əsasən, texniki xarakterli dinamik borclardır. Belə ki, əvvəlki dövrlərdən fərqli olaraq hazırda vergi bəyannamələri İnternetlə təqdim olunur və dərhal proqram tərəfindən yoxlanılır. Texniki səhvlər olsa və ya bəyannamə verilməsə, ya da gec verilsə, proqram tərəfindən dərhal əlaqəli məlumatlar əsasında əlavə vergilər hesablanır ki, bu da kifayət qədər böyük məbləğ təşkil edir. Məsələn, təkcə 2009-cu ilin yanvar-sentyabr ayları ərzində belə vergi yoxlama yolu ilə, yəni kameral şəkildə 1,5 milyard manat əlavə vəsait hesablanmışdır. Qeyd edilənlər texniki xarakterli borcların yaranmasına səbəb olur, lakin vergi ödəyiciləri tərəfindən mütəmadi olaraq bu vergilər ödənildikdə azalır və yenidən növbəti hesabat dövründə artır. Yəni bu, texniki borclara aiddir. Təkcə 2009-cu ildə bu borc 1,5 milyard manat təşkil etmişdir.
Vergi orqanları tərəfindən vergi ödəyicilərinin maarifləndirilməsi sahəsində bütün zəruri işlər görülür. Bu sahədə olan çatışmazlıqlar gələcəkdə daha da azalacaqdır. Eyni zamanda, bir daha məlumat üçün nəzərinizə çatdırmaq istəyirəm ki, Milli Məclisin qəbul etdiyi Vergi Məcəlləsinə əlavə və dəyişikliklərə əsasən artıq 2010-cu il yanvar ayının 1-dən bir ildən artıq hesablanan peniyalar dayandırılacaqdır. Hesab edirik ki, bu artıq vergi borclarının daxilində onun xüsusi çəkisinin 45 faiz olmasından çox aşağı, həm borcların silinməsinə, həm də müəssisələr üçün düzgün bir şəraitin yaradılmasına səbəb olacaqdır.
Millət vəkilləri Fazil Mustafa, Gövhər Baxşəliyeva, Rafael Cəbrayılov, Qüdrət Həsənquliyev, İqbal Ağazadə suallar verirlər, regionlar niyə dotasiya hesabına yaşayırlar, onların gəlirləri niyə artmır, vergi daxilolmalarının niyə 91,2 faizi Bakının, cəmi 8,8 faizi regionların payına düşür, regionlar inkişaf etmirmi, edirsə, niyə daxilolmaların xüsusi çəkisi azalır? Elm sahəsində, bir çox digər sahələrdə çalışanların əmək haqları aşağı olduğu üçün əmək haqqından gəlir vergisinin aşağı salınması məsələsinə baxılmasını xahiş edirlər.
2010-cu ilin dövlət büdcəsinin layihəsinə vergi daxilolmalarının tərkibinə baxarkən ilk baxışda, həqiqətən, regionlar üzrə vergilərin ümumi vergi tərkibində 9,3 faiz təşkil etdiyini görmək olar. Lakin nəzərə almaq lazımdır ki, bu faiz 2009-cu ilin analoji göstəricisini 2,8 bənd qabaqlayır. Bu da onu göstərir ki, regionların inkişafı üzrə tətbiq olunan konsepsiya öz bəhrəsini verir. Eyni zamanda, bu sualın, demək olar ki, hər il Milli Məclisdə verildiyini nəzərə alaraq bir qədər ətraflı cavab vermək istəyirəm.
Bildiyimiz kimi, ölkəmizdə vergilərin ödənilməsi qaydalarını Vergi Məcəlləsi müəyyənləşdirir. Bu, hüquqi şəxslər üçün qeydiyyatda olduqları yer, fiziki şəxslər üçün isə yaşadıqları yer üzrə müəyyənləşdirilmişdir. Bu bir tərəfdən vergi yükünü şəffaflaşdırmaqla yanaşı, digər tərəfdən ölkədə mövcud olan vahid xəzinədarlıq sisteminin ahəngdar fəaliyyətini təmin edir. Eyni zamanda, respublikanın regionlarında faktiki fəaliyyət göstərən iri şirkətlər və holdinqlər qanunvericiliyin tələblərinə uyğun olaraq mərkəzləşdirilmiş qaydada Bakı şəhərində yerləşən xüsusi rejimli vergi departamentində qeydiyyatdadırlar və onlar bütün büdcə öhdəliklərini mərkəzləşdirilmiş şəkildə Bakı şəhərində ödəyirlər. Məsələn, buraya dövlətin 8 böyük şirkəti – “Azərsu”, “Azərkimya”, Azal, ADNŞ və bir neçə digər özəl şirkət aiddir. Yəni faktik regionlarda fəaliyyət göstərən şirkətlər və holdinqlər tərəfindən ödəmələr Bakı şəhərinin büdcəsində mərkəzləşdirilmiş qaydada aparıldığından, sonradan mərkəzləşdirilmiş qaydada onların xərclənməsi üçün zəruri vəsaitlər ayrılır. Müəssisə və şirkətlər tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilmiş büdcə ödənişləri onların faktik fəaliyyət göstərdikləri regionlar üzrə nəzərə alındığı halda büdcə gəlirlərinin tərkibində regionların gəlirlərinin real xüsusi çəkisi dəfələrlə artır.
Eyni zamanda, bildirmək istəyirəm ki, respublikamızın regionlarında, əsasən, kənd təsərrüfatı ilə məşğul olurlar və bu sahə isə tamamilə vergilərdən azaddır. Torpaq vergisini isə digər fiziki şəxslər kimi bələdiyyə büdcəsi ödəyir. Regionlarda yerləşən yerli əhəmiyyətli tikinti məhsulları istehsalçıları mədən vergisini, bələdiyyə müəssisələri isə mənfəət vergisini bələdiyyə büdcələrinə ödəyirlər. Düzdür, bələdiyyələr hələ ki, bu işin öhdəsindən tam gələ bilmirlər. Amma istənilən halda qeyd etdiyim vergilər bələdiyyələrin büdcəsinə daxil olmalıdır.
Eyni zamanda, təkcə kənd təsərrüfatı məhsullarının istehsalçılarına verilən güzəştlər ən azı hər il dolayısı ilə 3 milyard manat subsidiyanın verilməsi kimi qiymətləndirilməlidir. Məhz bu baxımdan vahid xəzinədarlıq sisteminin və avtomatlaşdırılmış vergi sisteminin fəaliyyət göstərdiyi ölkələrdə hər hansı bir regionun inkişafına həmin regionda toplanan vergilərə əsasən qiymət vermək tamamilə yanlışdır. Regionların inkişafı başqa iqtisadi kateqoriyalarla müəyyənləşdirilir. Bu barədə Dövlət Statistika Komitəsi vaxtaşırı məlumatlar verir. Bununla belə məlumat üçün bildirirəm ki, 2009-cu ilin yanvar-sentyabr ayları üzrə regionlardan 225,2 milyon manat vəsait daxil olmuşdur ki, 2008-ci ilin müvafiq göstəricisindən 9 milyon manat və ya 4,2 faiz çoxdur. Həmçinin regionlardan daxil olmuş vergilər ümumi daxilolmanın 8,8 faizini təşkil etmişdir ki, bu da 2008-ci ilin analoji göstəricisindən 3,8 bənd çoxdur.
O ki qaldı əmək haqqından gəlir vergisinin və əlavə dəyər vergisinin aşağı salınması məsələsinə, bildiyiniz kimi, vergi dərəcələrinin optimallaşdırılması istiqamətində hər il hökumət tərəfindən müvafiq işlər görülür. Təkcə bu ilin həm gəlir vergisinin yuxarı şkalası 35 faizdən 30 faizə endirilib, həm də sadələşdirilmiş verginin maksimum həddi 22 min 500 manatdan illik fiziki şəxslərə 90 min manata, hüquqi şəxslərə 150 min manata qədər artırılmışdır. Eyni zamanda, sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərdən vahid 20 faizlik gəlir vergisi dərəcəsi müəyyənləşdirilib ki, bu da hüquqi və fiziki şəxslərin gəlirlərinin eyni qaydada vergiyə cəlb edilməsinə imkan verəcəkdir. Məlumat üçün bildirirəm ki, bu növ verginin maksimum həddi 35 faiz idi. Növbəti illərdə də yəqin ki, bu siyasət davam etdiriləcək və hesablamalar müsbət nəticə verərsə, həmin tariflər də nəzərə alınacaqdır.
Hörmətli millət vəkilləri Cəmil Həsənli, Vahid Əhmədov sual verdilər ki, niyə yenə də mənfəət vergisi keçən ilə nisbətən bu il azalıb, gələn il üçün isə daha az proqnozlaşdırılır, ümumiyyətlə, bu vergi üzrə vəziyyət necədir? Oqtay müəllim, mən çox qısa, 5 dəqiqə ərzində çıxışımı yekunlaşdıracağam. Hesab edirəm ki, 2009-cu ilin yanvar-sentyabr ayları üçün qeyri-neft sektoru üzrə, konsesiyalar üzrə mənfəət vergisi məsələsini ətraflı izah etdim. 2009-cu ilin yanvar-sentyabr ayları ərzində mənfəət vergisi üzrə büdcəyə 861,2 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2008-ci ilin müvafiq dövrünün göstəricisindən 1 milyard 409,2 milyon manat və ya 62,1 faiz azdır. Nəzərə almaq lazımdır ki, əsas azalma neft sazişləri çərçivəsində fəaliyyət göstərən xarici podratçılar tərəfindən ödənilən mənfəət vergisinin keçən ilin 9 ayındakı 1 milyard 783,8 milyon manatdan bu ilin müvafiq dövründə cəmi 211,7 milyon manata qədər və ya 1 milyard 572 milyon manat azalması hesabına olmuşdur və bunun səbəbləri haqqında mən bir az əvvəl ətraflı məlumat verdim.
Qeyri-neft sektoru üzrə 2009-cu ilin yanvar-sentyabr ayları ərzində büdcəyə 388,6 milyon manat mənfəət vergisi daxil olmuşdur ki, bu da 2008-ci ilin müvafiq dövrünün göstəricisindən 5 milyon manat və ya 1,3 faiz çoxdur. 2010-cu il dövlət büdcəsi layihəsində mənfəət vergisi üzrə 1 milyard 96 milyon manat proqnoz göstəricisi müəyyən edilmişdir ki, bu da 2009-cu ilin müvafiq proqnozundan 1 milyard 118 milyon manat və ya 50,5 faiz azdır. Bu azalmanın 1 milyard manatı neft sektoruna aiddir və bunun da əsas səbəbi 2010-cu il dövlət büdcəsinin layihəsində neftin 1 barelinin qiymətinin 45 ABŞ dolları həcmində müəyyənləşdirilməsi olmuşdur.
Neft sektoru üzrə mənfəət vergisinin proqnozunun gələn il üçün az müəyyənləşdirilməsinin bəzi millət vəkillərində sual yaratması, doğrusu, təəccüblü deyil. Bunun səbəbləri barədə əvvəlki sualları cavablandırarkən də məlumat vermişdim, eyni zamanda, həmin rəqəmlər, bayaq qeyd etdiyim kimi, bütün məlumatlarda, hər yerdə var. 2009-cu ilin büdcəsində bir barel neftin qiyməti 70 ABŞ dolları müəyyən edilmişdi, 2010-cu ilin büdcəsində 45 ABŞ dolları nəzərdə tutulubdur. Sadə hesablama bu vəziyyətdə ən azı texniki azalmanın qaçılmaz olduğunu aydın göstərir. Digər səbəblər barədə isə, qeyd etdiyim kimi, mən artıq söyləmişəm. Bir daha bildirirəm ki, gələn ilin büdcə layihəsinə neft sektoru üzrə nəzərdə tutulan 5 milyard 530 milyon manat vergi məbləği bir barel neftin gələn il nəzərdə tutulan satış qiymətinin 45 ABŞ dolları olacağı təqdirdə hesablanmış faktordur. Vergilər isə neftin real qiymətinə əsasən hesablanır. Qiymət yuxarı olarsa, həmin sahədən daxil olacaq vergilər, o cümlədən mənfəət vergisi nəinki azalmayacaq, bəlkə bu il üçün proqnozlaşdırılan məbləğdən də çox olacaqdır.
Dövlət büdcəsinin layihəsində qeyri-neft sektorunun mənfəət vergisi üzrə 482 milyon manat proqnoz göstəricisi müəyyən edilmişdir. Bu da 2009-cu ilin müvafiq göstəricisindən 118 milyon manat və ya 19,7 faiz azdır. Bu azalmanın əsas səbəbi Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 2010-cu ildə mənfəət vergisi dərəcəsinin 22 faizdən 20 faizə, 61,8 milyon manata endirilməsi, sadələşdirilmiş verginin yuxarı həddinin 150 min manatadək artırılması, bütün vergilər üzrə 37,8 milyon manat, həmçinin bank və sığorta sektorunun stabilləşdirilməsi məqsədilə verilmiş güzəştlərdir. Bu da təqribən 31 milyon manat deməkdir. Edilən dəyişikliklər indiki dövrdə vergilərin müəyyən məbləğinin azalmasına səbəb olsa da, ölkəmizin iqtisadiyyatının, o cümlədən bank sektorunun gələcək inkişafı üçün çox mühümdür. Bu gün bəzilərinin sanki itirilmiş kimi sandıqları həmin vergilər gələcəkdə bir neçə dəfə artıqlaması ilə büdcəyə vergilər şəklində gəlir gətirəcəkdir. Məhz düzgün vergi və investisiya təklifli siyasətin nəticəsidir ki, təkcə bu il 37 min 581 sahibkar subyekti “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatından keçmişdir. Onların da minə yaxını xarici investisiyalı şirkətlərdir.
Hörmətli Vahid Əhmədov qeyd etdi ki, əmək haqqından gəlir vergisi üzrə sonuncu vergi çox az yığılır, gələn il üçün də az proqnozlaşdırılır. Niyə, hansı tədbirlər görülür? 2009-cu ilin yanvar-sentyabr ayları ərzində əmək haqqından gəlir vergisi üzrə büdcəyə 429,8 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2008-ci ilin müvafiq dövrünün göstəricisindən 17,8 milyon manat və ya 4 faiz azdır. Lakin nəzərə almaq lazımdır ki, cari ilin 9 ayında bu tədiyənin ümumi vergi daxilolmalarında xüsusi çəkisi 16,7 faiz təşkil etmişdir, bu da 2008-ci ilin müvafiq göstəricisindən 6,4 bənd yuxarıdır.
Qeyd etmək lazımdır ki, neft sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlər üzrə 2009-cu ilin yanvar-oktyabr ayları ərzində büdcəyə 130,7 milyon manat gəlir vergisi daxil olmuşdur, bu da 2008-ci ilin müvafiq dövründə daxilolmalardan 76,9 milyon manat və ya 37,1 faiz azdır. Bu azalmanın əsas səbəbi isə əmək haqlarının və ya iş yerlərinin azalması deyil, menecerlərə verilən yüksək bonusların və işçilərə verilən fərdi mükafatların sayının, məbləğinin azalması ilə əlaqədardır. Neft sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlər istisna olmaqla, digər vergi ödəyicilərindən 2009-cu ilin yanvar-oktyabr ayları ərzində büdcəyə 346,5 milyon manat gəlir vergisi daxil olmuşdur ki, bu da 2008-ci ilin müvafiq dövrünün göstəricisindən 57 milyon manat və ya 19,7 faiz çoxdur.
Dünyada baş verən qlobal iqtisadi böhran şəraitində ölkəmizin iqtisadiyyatının dayanıqlıq göstərərək iş yerlərinin qorunub saxlanılması, əmək haqlarının azaldılması, gəlir vergisi məbləğinin isə keçən ilə nisbətən 19,7 faiz artması, fikrimcə, tənqid olunmamalıdır. Düzdür, hökumət olaraq bu gün gəlir vergisini daha çox toplamağı düşünürdük və buna uyğun da yüksək proqnoz müəyyən etmişdik. Amma son dövrdə baş verənlərin fonunda gəlir vergisini biz yalnız 20 faiz artıra bildik. Yuxarıda dediklərimi də nəzərə alsaq, bu olduqca normal göstərici hesab oluna bilər.
Son olaraq, bildirmək istəyirəm ki, Maliyyə Nazirliyi və digər hökumət qurumlarının birgə hazırladıqları 2010-cu ilin dövlət büdcəsi, regional büdcə layihəsi möhtərəm cənab Prezidentin ali tələblərinə uyğun olaraq hazırlanmışdır. Vergilər Nazirliyi də bu il üçün maksimum vergi yığımlarını, gələn il isə büdcə tapşırıqlarını tam icra edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Fazil müəllim, çox ətraflı təhlilə görə sağ olun. Söz verilir Dövlət Gömrük Komitəsinin sədri hörmətli Aydın Əliyevə. Mikrofon verin.
A. Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, mən qısa çıxışımla burada səslənən bəzi mülahizələrə cavab vermək istərdim. Büdcə proqnozunun builki vəziyyətinin yerinə yetirilməsi ilə bağlı qısa rəy söyləmək istəyərdim. Doğrudan da, 2009-cu ilin dövlət gömrük xidməti son illər ilk dəfə olaraq büdcə proqnozunun 89,73 faizini yerinə yetirir. Bu da ondan irəli gəlir ki, ölkədə və eyni zamanda, dünyada baş verən müəyyən iqtisadi proseslərlə bağlı ölkəyə idxal olunan malların həcmi azalır. On ay ərzində idxalın həcmi 862 milyon ABŞ dolları dəyərində azalmışdır, yəni az mal idxal olmuşdur. Bu da keçən ilin 10 ayı ilə müqayisədə 16,5 faiz təşkil edir. Bunun müəyyən səbəbləri var. Məsələn, aydın məsələdir ki, böhranla bağlı müəyyən tikinti işlərinin təxirə salınması da onu göstərir ki, qara metal və qara metal məmulatlarının idxalı təxminən 18,2 faiz, taxta məmulatlarının idxalı 3 faiz aşağı düşmüşdür. Eyni zamanda, vergitutma bazasının müəyyən hissəsini təşkil edən avtomaşınlar və nəqliyyat vasitələrinin idxalı 36,8 faiz azalmışdır. Ölkədə nəqliyyat sektorunda baş verənlər hamımızın gözü qabağındadır. Son illərdə baş verən bu artımla olan idxal artıq daxili bazarı iri minik avtomaşınları ilə doldurub. Ona görə də idxal 36,8 faiz aşağı düşmüşdür.
Eyni zamanda, qeyd etmək lazımdır ki, ildən-ilə artan daxili istehsal ölkənin ərzaq təminatını və müəyyən tələbatı təmin edir. Sadəcə olaraq, bir neçə rəqəm gətirmək istərdim. Misal üçün, ət məhsullarına olan ölkə tələbatının 131,8 min tonu daxili istehsal və yalnız 13,5 min tonu idxal hesabına təmin edilir. Keçən illə müqayisədə təxminən 50 faiz düşməsi deməkdir. 10 ay ərzində quş yumurtalarının 896 milyon ədədi daxili istehsal, yalnız 16 milyon ədədi idxal hesabına, pendir məmulatlarının 26,7 min tonu daxili istehsal və 3,8 min tonu idxal hesabına formalaşır. Bu artıq onu göstərir ki, daxili istehsalın artması hesabına bazar formalaşır.
Mən bundan niyə başladım? Çünki bir neçə çıxışlarda sual səsləndirildi ki, gələn il idxalın həcmi bir balaca artıq nəzərdə tutulur? Niyə gömrük orqanlarının payına düşən proqnoz tapşırıq 1 milyard 300 milyon manat əmanətdən 1 milyard 100 milyon manata düşür? Ümumiyyətlə, makroiqtisadi göstəricilər götürüldükdə bu təhlil həmin büdcə sənədlərində də var. Burada əsas nəzərə alınan rəqəm qeyri-neft sektoru üzrə vergitutma bazasıdır. Nəzərə alaq ki, keçən il bu proqnoz 6 milyard 510 milyon manat həcmində nəzərdə tutulmuşdur. Vergitutma bazasını nəzərə alaraq keçən ildən dəyişilməyibdir? Deməli, 1 milyard 100 milyon manat vergi və rüsum toplanaraq dövlət büdcəsinə keçirilmişdir. Gələn il də bu rəqəm 6 milyard 413 milyon manatdır. Aydın məsələdir ki, ona görə də gələn il üçün proqnoz tapşırıq həmin rəqəmlər üzərində qurulur və 1 milyard 100 milyon manat həcmində nəzərdə tutulur.
Bir çıxışda armatur, taxta, kafel və sair inşaat materiallarının qiymətlərinin qalxması ilə bağlı fikir səslənmişdir. Qeyd etmək istərdim ki, uzun illərdir biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Gömrük orqanlarının ünvanına burada səslənən ittihamlar əsassızdır. Sadəcə olaraq, onu qeyd etmək istəyirəm ki, 3 il bundan əvvəl də elə armatur məmulatı barədə həmin ittihamlar səsləndirildi. O vaxtlar armaturun qiyməti 800 yeni Azərbaycan manatı idi. Hazırda topdansatış qiyməti 570 yeni Azərbaycan manatıdır. Vergi rüsumları toplandıqdan, armaturun idxal qiymətinin üstünə gəldikdən sonra təxminən orta hesabla 500 ABŞ dolları dəyərində armatur ölkəyə idxal olunur. Satış qiymətinin 570 manat olması, mənə elə gəlir ki, bazar iqtisadiyyatı olan bir ölkədə normaldır.
Həmin sözləri kafel məmulatı barədə də demək olar. Kafel məmulatı, ümumiyyətlə, elə bir məmulatdır ki, orada nə orta bazar qiymətini çıxarmaq, nə də müqayisə etmək mümkündür, çünki onun ucuz, orta, bahalı növləri var. Orta qiymət səviyyəsi 5,2 manatdır və orta satış qiyməti 9,7 yeni Azərbaycan manatıdır, bu da normal vəziyyətdir. Artıq bir neçə ildir ki, Azərbaycanın daxili bazarında taxta məmulatı 200 manatdan artıq qiymətə satılır. İki ay bundan əvvəl 1 kubmetr taxtanın qiyməti 15 yeni Azərbaycan manatınadək düşmüşdü, indi bəlkə də qalxır. Amma qeyd etmək istəyərdim ki, bunun gömrük rəsmiləşdirilməsi ilə heç bir əlaqəsi yoxdur.
Nəhayət, artıq ilk dəfə deyil, bir neçə il bundan əvvəl Fərhad Əliyev bir rəqəmi gündəmə salmışdı. Gömrük rüsumları ilə bağlı 3 milyard konkret rəqəm kimi göstərilirdi. Bu il yəqin bir yenilik gətirmək istəyərək, bu rəqəmi 2, 3 və 4 milyard həcmində göstərməyə çalışırdılar. Ölkədə son illər orta hesabla 1 milyard 100 milyon manat vergi və rüsum toplanır. Bu da, məsələn, keçən və bu ilin rəqəmləri ilə müqayisədə təxminən 7–8 milyard ABŞ dolları həcmində olan idxalın göstəricisidir. İndi təsəvvür edin, bu fərziyyə həqiqətdirsə, idxalın təxminən 70–75 faizinin, yəni hər il təxminən 20 milyard ABŞ dolları həcmində idxalın gizlədilməsi deməkdir. Mən bunun ətrafında çox danışmaq istəməzdim. Çünki keçən iclasdakı çıxışımda bunun mümkünsüzlüyünü qeyd etmişəm. Bir də həmin məsələlərə, yəni statistik məlumatlara qayıtmaq istəmirəm.
Sadəcə, belə bir məsələ var. Deyirlər ki, həqiqət müqayisədə bilinir. İcazə versəydiniz, mən də çıxışımın sonunda bir neçə müqayisə aparmaq istərdim. 1992-ci ildə Azərbaycanda ixrac rüsumları, o cümlədən həyətyanı sahədə kənd təsərrüfatı işçiləri tərəfindən yetişdirilən kənd təsərrüfatı məhsullarının ixrac rüsumları da tətbiq olunurdu. İstisna edilən yalnız neft sektoru idi. Daxili bazar yalnız idxal mallarına görə müəyyənləşirdi. İdxal malları, qeyd etdiyim kimi, dövlət rüsumuna cəlb olunurdu. Amma il ərzində xarici iqtisadi fəaliyyətdən gömrük orqanları tərəfindən büdcəyə nə qədər pulun köçürüldüyünü desəm, yəqin, bunu təbəssümlə qarşılayarsınız. 898 min ABŞ dolları həcmində, bu isə 420 min yeni Azərbaycan manatı edir. Bu gün gömrük orqanları həmin məbləği 1 saat 20 dəqiqə ərzində dövlət büdcəsinə köçürürlər. Gəlin, heç olmasa, bu həqiqəti unutmayaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Maliyyə naziri hörmətli Samir Şərifov buyursun.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Çox sağ olun, hörmətli cənab Sədr. İlk növbədə, hörmətli Sədr, Sizə deputatlar tərəfindən qaldırılmış məsələlərə, suallara aydınlıq gətirmək üçün mənə yaratdığınız imkana görə minnətdarlığımı bildirmək istəyirəm.
İcazə verin, ilk növbədə burada səsləndirilmiş bəzi suallara cavab verim. Gizli və yaxud kölgəli iqtisadiyyatla bağlı deputat İsmayılov tərəfindən sual verilmişdir. Düzdür, bu suala deputat Hacıyev tərəfindən qismən cavab verilmişdir. Amma mən onu da əlavə etmək istərdim ki, ümumi daxili məhsulun hesablanmasında 10,2 faiz gizli və qeyri-formal fəaliyyət üzrə iqtisadiyyatın xüsusi çəkisi nəzərə alınıb. Söhbət ondan gedir ki, gizli fəaliyyət vergilərdən və sosial ödəmələrdən boyun qaçırmaq məqsədilə istehsalçıların hüquqi və fiziki şəxs kimi qeydiyyata düşməkdən və fəaliyyət barədə məlumat verməkdən yayınma hallarına aid olan iqtisadi fəaliyyət növüdür. Qeyri-formal fəaliyyət isə bu növ mal və xidmətlərin istehsalı ilə məşğul olan, lakin heç bir hüquqi səlahiyyətlərə malik olmayan vahidlərin fəaliyyətidir. Bax, bunlar ümumi daxili məhsulun hesablanmasında bizim statistika orqanları iqtisadi orqanlar tərəfindən nəzərə alınır, amma bunların həcmi, dediyim kimi, 10,2 faizdən yuxarı deyil.
Burada digər suallar da səsləndi. Onlara da mən aydınlıq gətirmək istərdim. Deputat Şəmsəddin Hacıyev dövlət büdcəsinin kəsiri ilə bağlı bəzi məsələlər qaldırmışdır. Deputatlar Əhmədov, Cəmil Həsənli, Aynur Quliyeva, Səttar Möhbalıyev, Əli Məsimli və digərləri dövlət büdcəsinin kəsiri ilə bağlı bəzi məsələlər üzrə öz şərhlərini vermişlər. Mən aşağıdakıları qeyd etmək istərdim.
İlk növbədə xatırlatmaq istərdim ki, dövlət büdcəsi layihəsində dövlət büdcəsinin kəsiri 1 milyard 249 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə proqnozlaşdırılan ümumi daxili məhsulun cəmi 3,9 faizini təşkil edir. Bu isə beynəlxalq praktikada normal hesab olunan bir səviyyədir. Onu da qeyd etmək istərdim ki, bu kəsirin örtülməsi üçün də Azərbaycan dövlətinin kifayət qədər imkanları mövcuddur, yəni ehtiyatlar da var. Sadəcə, hökumət bu kəsiri düşünülmüş şəkildə dövlət büdcəsində həyata keçirmək istəyir. Nəyə görə? Ona görə ki, artıq bir neçə il ərzində Azərbaycan dövləti daxili qiymətli kağızlar bazarının inkişafı ilə məşğuldur. Bu isə yalnız dövlət büdcəsində olan problemlərin həlli ilə bağlı deyil. Eyni zamanda, onunla da bağlıdır ki, biz maliyyə-bank, sığorta sisteminin və yaxud gələcəkdə yarana biləcək qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üçün şərait yaratmaq istəyirik, çünki bu qurumların əsas təminatı, investisiya alətlərindən biri məhz dövlət qiymətli kağızlarıdır. Məhz ona görə hökumət düşünülmüş şəkildə bu bazarın tədricən, iqtisadiyyatın artımına mütənasib şəkildə inkişafı ilə məşğuldur. Hesab edirik ki, həm daxili, həm də xarici borclanma həyata keçirilməlidir.
1 milyard 249 milyon manat həcmində dövlət büdcəsi kəsirinin örtülməsi mənbələri hansılardır? Burada Şəmsəddin Hacıyev və digər deputatlar öz narahatlıqlarını bildirdilər ki, büdcədənkənar daxilolmalar hazırda dövlət büdcəsinin gəlirlər hissəsində göstərilməyib. Bəli, bu ildən başlayaraq Maliyyə Nazirliyi hökumətlə razılaşdırmaqla belə qənaətə gəlmişdir ki, büdcədənkənar daxilolmalar… Söhbətin hansı daxilolmalardan getdiyi burada artıq qeyd olunmuşdur. Dövlətə məxsus bir çox ali təhsil müəssisələri, bilirsiniz ki, tələbələri ödənişli qaydada qəbul edirlər və bununla əlaqədar müəyyən tədris haqqı alırlar.
Sözsüz, bu tədris haqları ali təhsil müəssisələrinin daxilolmalarıdır, gəlirləridir. Artıq mövcud praktikaya görə bunlar büdcənin gəlirlərinə aid edilirdi və eyni həcmdə büdcə xərclərində öz əksini tapırdı. Lakin bizim təhlillərimiz göstərir ki, hər il dövlət büdcəsi tərtib olunarkən dövlət büdcəsindən maliyyələşdirilən həmin təşkilatlardan bu büdcədənkənar daxilolmalar üzrə bizə bir çox hallarda əsaslandırılmamış proqnozlar təqdim olunurdu. Bu ilin yanvar-sentyabr ayları üzrə 106 milyon manat proqnoza qarşı cəmi 71,5 milyon manat vəsait büdcədənkənar daxilolma kimi mədaxil olunub. Bu isə 67 faiz təşkil edir. Hesab edirik ki, növbəti ildə bu növ daxilolmaların dəyişkən təbiətini nəzərə alaraq biz bunlardan daha çox dövlət büdcəsinin kəsir mənbəyi kimi istifadə etməliyik. Xatırlatmaq istəyirəm ki, özəlləşdirmədən daxilolmalar da dövlət büdcəsi kəsirinin örtülməsində iştirak edir. Ona görə ki, biz bu daxilolmaları dəqiq proqnozlaşdıra bilmirik.
Dövlət büdcəsinin gəlirlərinə gəldikdə isə burada hörmətli Valeh müəllim də çox gözəl çıxış etdi. Biz tam əmin olduğumuz büdcə gəlirlərini əks etdirməyə çalışırıq. Artıq 145 milyon manat büdcə gəlirləri büdcə kəsirinin maliyyələşdirilməsi mənbəyi kimi göstərilmişdir. Büdcə kəsirinin örtülmə mənbəyinin digərini də özəlləşdirmədən daxilolmalar təşkil edir. Bunlar da təxminən 55 milyon manat məbləğində proqnozlaşdırılır. Yerdə qalan 1 milyard 49 milyon manat isə, qeyd etdiyimiz kimi, daxili və xarici borclanma hesabına maliyyələşdirilə bilər.
Burada bir çox deputatlar neftin qiyməti məsələsinə toxunduqda qeyd etmişdilər ki, neftin qiyməti dövlət büdcəsi layihəsində çox mühafizəkar qaydada, yəni 45 dollar götürülmüşdür. Bəziləri deyirdilər ki, bunun ən azı 55–60 və yaxud 70 dollar olacağına əminik. Həmin səviyyələrdə olmasına biz də etiraz etmirik. Belə olan halda bizim əlavə büdcə daxilolmalarımız təxminən 300-400 milyon manat səviyyəsində arta bilər. Bu isə, sözsüz ki, ilk növbədə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə yönəldilə bilər. Bununla da biz hər hansı xarici və yaxud daxili borclanmalarımızı azalda bilərik.
Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, bəzən bu, müəyyən qədər tənqid mövzusuna çevrilir. Hər il dövlət büdcəsi icra olunanda Hesablama Palatası da öz rəylərində bunu bir neçə dəfə vurğulamışdır ki, dövlət büdcəsinin xərclərinin icrasında xeyli, ən azı 3-4 faiz qənaət olub. Bu 3-4 faiz elə təxminən 300-400 milyon manat təşkil edir. Yəni bunların hamısını biz bir yerdə götürdükdə görürük ki, bu məsələyə biz kifayət qədər mühafizəkar yanaşmışıq. Yəni burada heç bir köklü problem yoxdur.
Digər məsələ əmək haqlarının azalması ilə bağlıdır. Burada əmək haqqı fondunun azalması ilə bağlı məsələyə deputatlar Fazil Mustafa, Cəmil Həsənli, Astan Şahverdiyev, İqbal Ağazadə, Aynur Quliyeva, Sabir Rüstəmxanlı, Nəsib Nəsibli toxundular. Bunlara da aydınlıq gətirmək istərdim. Burada hörmətli Valeh Ələsgərov çox yaxşı qeyd etdi ki, 2009-cu il maliyyə böhranı ilidir. Dövlət tərəfindən müəyyən tədbirlər görülmüşdür ki, böhranın mənfi təsirləri minimuma qədər endirilsin, böhran mümkün qədər neytrallaşdırılsın. Bunları nəzərə alaraq, bildiyiniz kimi, 2008-ci ildə 2009-cu il üçün büdcə tərtib olunanda Azərbaycanda mövcud olan inflyasiya meylləri və yüksək neft qiyməti, bununla əlaqədar kifayət qədər yüksək inflyasiya səviyyəsi nəzərdə tutulmuş, dövlət büdcəsində müəyyən ehtiyatlar yaradılmışdır. Söhbət cari ilin büdcəsindən gedir. İnflyasiya yüksək olduğu təqdirdə bu ehtiyatlar inflyasiyanın müəyyən qədər indeksləşdirilməsi istiqamətində əmək haqlarının artırılmasının həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Lakin 2009-cu ilin nəticələri göstərir ki, Azərbaycanda inflyasiya köklü surətdə azalmışdır, yəni təxminən 2 faizdən bir qədər yüksəkdir.
Digər tərəfdən, Azərbaycan manatı sabit olaraq qalmışdır, başqa dövlətlərdəki kimi milli valyuta ucuzlaşmamışdır və bunun nəticəsi olaraq əhalinin real gəlirləri faktik olaraq artmışdır. Bu şəraitdə, sözsüz ki, həmin ehtiyatlardan istifadə olunması məqsədəuyğun hesab edilməmişdir. Bununla əlaqədar müəyyən ehtiyatlar yaradılmışdır. Lakin 2010-cu ilin dövlət büdcəsində həmin məqsədlər üçün müəyyən ehtiyatlar yaradılır və bildiyiniz kimi, ölkə Prezidenti tərəfindən büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarının artırılması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir. Mən güman edirəm ki, 2010-cu ildə də bu istiqamətdə müəyyən addımlar atıla bilər. Sözsüz ki, iqtisadi vəziyyətə nəzər salmaq şərti ilə.
Burada məsələ qaldırılmışdı ki, hüquq mühafizə orqanlarına ayrılan vəsaitlər artır və Azərbaycanda polis rejimi mövcuddur və sair. Mən bu ifadələri işlətmək istəməzdim. Deputat İqbal Ağazadə və bəzi digər deputatlar bunu demişdilər. Arayış üçün bildirmək istərdim ki, həqiqətən, 2010-cu ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri 3,3 faiz və yaxud 22,9 milyon manat məbləğində artırılır. Amma burada deputat Hüseynovun öz çıxışında qeyd etdiyi kimi, Azərbaycanda Avropa Birliyinin standartlarına uyğun məhkəmə islahatı həyata keçirilir, hakimlərin, məhkəmə köməkçilərinin sayı artırılır. İslahatların həyata keçirilməsi üçün dövlət büdcəsinin cari xərcləri də artırılır. Rayonlarda məhkəmələr üçün yeni inzibati binalar tikilir. Azərbaycanda hakimlərin adambaşına sayının beynəlxalq, Avropa Birliyinin standartlarına çatdırılması kimi bir məqsəd qarşıya qoyulmuşdur. Sözsüz ki, bu tədbirlərin həyata keçirilməsi bizdən əlavə vəsait tələb edir. Məntiqi olaraq həmin artımla bağlı Ədliyyə Nazirliyinin xərcləri 6 milyon manat və yaxud 49,9 faiz, Ədliyyə Nazirliyinin tərkibində olan penitensiar xidmətinin xərcləri isə 5,1 milyon manat, yaxud 7,4 faiz artmışdır.
Eyni zamanda, bəzi inzibati islahatlar həyata keçirilmişdir. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipi tətbiq olunmuşdur. 2008-ci ilin noyabrında imzalanmış fərmana uyğun olaraq əvvəllər dövlət baytarlıq xidmətində, dövlət fitosanitar xidmətində, habelə Nəqliyyat Nazirliyi sistemində, Səhiyyə Nazirliyinin sanitar-karantin müfəttişliyində çalışan əməkdaşlar Dövlət Gömrük Komitəsinə işə qəbul edilmişlər. Bununla əlaqədar, sözsüz ki, artıq müəyyən xərclər öz əksini tapır. Bu xidmətlər Dövlət Gömrük Komitəsinə daxil olduqdan sonar, sozsüz ki, bunların xərcləri artıq hüquq mühafizə xərcləri kimi əks etdirilir. Nəticə etibarilə burada da 2,5 milyon əlavə xərc əmələ gəlmişdir.
Hörmətli deputatlar, sizin tərəfinizdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa bəzi dəyişikliklər və əlavələr qəbul edilmişdir. Bunun nəticəsində Dövlət Yol Polisinin göstərdiyi pullu xidmətlərin bir hissəsi, yaxud təxminən 4,3 milyon manatı dövlət rüsumuna daxil edilmişdir. Əvvəllər bunlar Dövlət Yol Polisinin büdcədənkənar daxilolmaları kimi qəbul olunmuşdu və mütənasib şəkildə xərclərində də öz əksini tapmışdı. İndi isə bunlar artıq dövlət büdcəsinə daxil edilərək dövlət büdcəsinin hüquq mühafizə xərclərində öz əksini tapmışdır.
4,3 milyon manat əlavə xərclərdən də söhbət gedir. Bu xərclər də xüsusi dövlət proqramının – “Təhlükəsiz şəhər” Dövlət Proqramının həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Bildiyiniz kimi, Bakı şəhərinin bir çox yerlərində xüsusi kameralar quraşdırılır. Bunlar terrorizmə və digər cinayətlərə qarşı çox vacib tədbir hesab olunur. Digər tərəfdən, bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 8 aprel tarixli fərmanı ilə Dövlət Miqrasiya Xidmətinin Əsasnaməsi qəbul edilmişdir. Bu əsasnaməyə görə Dövlət Miqrasiya Xidməti də hüquq mühafizə orqanı statusu almışdır. Bununla əlaqədar olan xərclər də dövlət xidmətləri maddəsindən çıxarılmış, hüquq mühafizə xərcləri kimi əks olunmağa başlamışdır. Bununla əlaqədar belə bir artım baş vermişdir. Burada hər hansı bir gizli səbəblər axtarmaq lazım deyil.
Deputat Pənah Hüseyn burada bir neçə məsələyə toxunmuşdur. İlk növbədə ənənəvi olaraq dövlət investisiya proqramının təqdim olunmaması ilə əlaqədar guya Azərbaycan Respublikası qanunlarının pozulması barədə məlumat vermişdir. Burada diqqətə çatdırmaq istərdim ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12.1.8-ci maddəsinə müvafiq olaraq növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin, habelə sonrakı 3 il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramının əsas istiqamətləri üzrə layihə Milli Məclisə təqdim olunmalıdır. Bu layihə də təqdim olunub.
Digər tərəfdən, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa cari ilin iyun ayında edilmiş əlavə və dəyişikliklərə müvafiq olaraq dövlət investisiya xərcinin bölgüsü, yəni müvafiq layihələr arasında bölgüsünün yeni mexanizmi tətbiq edilmişdir. Belə ki, həmin qanunun 17.3-cü maddəsinə müvafiq olaraq Maliyyə və İqtisadi İnkişaf nazirlikləri tərəfindən cari il dekabrın 25-dək dövlət investisiya proqramına daxil edilmiş və maliyyələşdirilməsi dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən həyata keçirilən layihələrin icra vəziyyətinə baxılır. Bunun əsasında icrası növbəti ilə keçiriləcək layihələr də nəzərə alınmaqla növbəti ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü həmin il yanvarın sonunadək Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Ona görə dövlət investisiya xərclərindən maliyyələşdirilən konkret layihələr üzrə məlumatların təqdim edilməməsi qanunvericiliklə nəzərdə tutulur.
Milli Məclisin maddi-texniki təminatı ilə bağlı məsələ qeyd olunmuşdu. Qeyd etmək istərdim ki, növbəti ildə Milli Məclisin saxlanılması ilə bağlı xərclər 2009-cu illə müqayisədə 2,5 faiz artımla nəzərdə tutulub. Burada, hörmətli cənab Sədrin qeyd etdiyi kimi, Milli Məclisin maddi-texniki təminatı ilə bağlı hər hansı problem görünmür. Yeni istifadəyə verilmiş korpusun saxlanılması xərcləri də növbəti ilin büdcəsində nəzərə alınmışdır. İnventar və avadanlığın, digər maşın və avadanlıqların alınması üçün nəzərdə tutulmuş vəsaitlər də 1 milyon 450 min manat və yaxud 2009-cu illə müqayisədə 33 faiz artımla nəzərdə tutulmuşdur. Onu da qeyd etmək istərdim ki, Milli Məclisin xərcləri ilə bağlı müvafiq razılaşma protokolu büdcə layihəsi hazırlanan zaman tərtib olunmuşdur. Nəqliyyat vasitələri ilə təminatına gəldikdə isə qeyd etmək istərdim ki, Milli Məclisin sərəncamında 97 ədəd saz vəziyyətdə olan nəqliyyat vasitəsi vardır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının saxlanması xərclərinin artması barədə də burada fikirlər söylənmişdir. Hesab edirəm ki, heç bir əsası olmayan fikirlərdir. Milli Məclisin saxlanılması ilə bağlı xərclərlə əlaqədar qeyd etdim ki, müəyyən artım var idi. Burada da cüzi bir artımdan – 2 milyon manat artımdan söhbət gedir. Bu isə 2010-cu ildə bir sıra beynəlxalq fəaliyyət tədbirlərinin həyata keçirilməsi ilə bağlıdır.
Digər məsələyə toxunmaq istərdim. Burada deputatlardan Asim Mollazadə, Qənirə Paşayeva və digərləri Xarici İşlər Nazirliyi sistemində çalışan əməkdaşların maddi təminatı məsələsinə toxundular. Düzdür, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri hörmətli Səməd Seyidov bu məsələyə aydınlıq gətirmişdir. Mən bəzi rəqəmləri səsləndirmək istərdim. Əmək haqqı ilə bağlı burada deyilmişdir ki, XİN sistemində çalışan əməkdaşların vəzifə maaşları çox aşağıdır və hətta dövlət avtomobil müfəttişlərinin vəzifə maaşları ilə müqayisə olunurdu. Arayış üçün qeyd etmək istəyirdim ki, Xarici İşlər Nazirliyinin işçilərinə vəzifə maaşının 20-60 faizi həddində rütbəyə görə əlavə müəyyən olunub. 2008-ci ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təmsilçilərin səlahiyyətlərinin icrası ilə bağlı xərclərinin ödənilməsi üçün vəzifə maaşlarına 25 faiz məbləğində aylıq əlavə pul təminatı müəyyən edilmişdir. Nəticədə hazırda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Aparatında çalışan diplomatik xidmət əməkdaşlarının əmək haqları digər nazirliklərdə, mərkəzi icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının əmək haqlarından müvafiq vəzifələr üzrə 39-57 faiz yüksəkdir. Belə ki, Xarici İşlər Nazirliyində digər nazirliklərlə müqayisədə əmək haqqı müvafiq olaraq nazir və nazir müavinlərindən 39 faiz, şöbə müdirindən 57 faiz, sektor müdirindən və baş məsləhətçidən 55 faiz yüksəkdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Xarici İşlər Nazirliyinin Aparatında çalışan diplomatik xidmət əməkdaşlarının vəzifə maaşları dövlət yol müfəttişlərinin əmək haqlarından 30 faiz yüksəkdir.
Digər məsələ xaricdə fəaliyyət göstərən əməkdaşlarımızla əlaqədardır. Hazırda Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə səfirliklər 10 qrupa bölünüblər. Onların əmək haqları 4 xarici valyuta ilə – ABŞ dolları, avro, Yaponiya iyeni, İngiltərə funt-sterlinqi ilə ödənilir. Xaricdə aldıqları əmək haqlarından əlavə olaraq, Azərbaycanda da onların əvvəllər çalışdıqları vəzifələrin əmək haqları saxlanılır. Bununla yanaşı, diplomatik xidmət orqanlarında çalışan əməkdaşların və onların ailə üzvlərinin tibbi sığortası, mənzil kirayəsi, məktəb yaşlı uşaqlarının təhsil haqqı, avtomobillərinin saxlanılması, yüklərinin daşınması, ezamiyyə və sair xərcləri bu orqanın xərclər smetasında ayrıca nəzərdə tutulur və ödənilir.
Nəqliyyat vasitələri ilə təminatla bağlı arayış vermək istərdim. Hazırda fəaliyyət göstərən səfirliklərimizə – 59 xidmət orqanına mərkəzləşdirilmiş qaydada 48 ədəd BMV markalı, yəni ən yaxşı sayılan xidməti minik avtomobilləri alınmışdır. Xarici səfirliklərdə və diplomatik nümayəndəliklərdə çalışan 564 ştata, – həm diplomatik əməkdaşlardan, həm də texniki işçilərdən söhbət gedir, – 376 vahid avtomobil ayrılıb. Yəni hər 3 ştata 2 ədəd avtomobil düşür. Ştat sayı barədə. Hazırda Xarici İşlər Nazirliyinin ştat sayı 382 vahiddir, o cümlədən Naxçıvan Muxtar Respublikasında 28 vahid çalışır və xaricdə də qeyd etdiyim kimi, 540 əməkdaşımız fəaliyyət göstərir. Onu qeyd etmək istərdim ki, yeni səfirliklər üçün əlavə ştatlar lazımdır. Hesab edirəm ki, burada da heç bir problem yoxdur, problemlər öz həllini tapacaqdır. Düzdür, burada qeyd olundu ki, onların əmək haqları aşağıdır. Mən hələ müşahidə etməmişəm ki, Xarici İşlər Nazirliyinə işə götürülməklə əlaqədar elan olunan müsabiqələrdə problem yaransın, həddən artıq adam orada iştirak edir və xarici səfirliklərə də gedənlərin sayı azalmır. Ona görə də bu iradları ciddi hesab etmirəm.
Digər məsələ ilə, şəkərli diabet xəstələrinə ayrılan vəsaitin az olması ilə bağlı qeyd etmək istərdim ki, bu vəsait ildən-ilə artırılır. 2009-cu ildə adambaşına 183 manat hesab olunurdusa, növbəti ildə 186 manat hesab olunur. Növbəti ildə də bu məqsədlər üçün 19,8 milyon manat vəsait ayrılır, cari illə müqayisədə bu, 2,5 milyon manat çoxdur.
Kino çəkilişi və teatrların saxlanılması üçün vəsaitin ayrılması. Əsasən, Dünya praktikasında kino çəkilişi maraqlı tərəflərin sərmayəsi əsasında formalaşır. Dünyanın ən məşhur kinostudiyaları məhz bu prinsiplər əsasında fəaliyyət göstərir. Azərbaycanda isə dövlətin kino sənətinə himayəsi, dəstəyi məqsədi ilə hər il dövlət büdcəsindən müəyyən vəsaitlər ayrılır və xüsusi dövlət proqramı da qəbul edilmişdir. Növbəti ildə də bu məqsədlər üçün 6 milyon manat ayrılıb. Bu çoxdur və ya azdır, bunu demək çətindir. Bununla bir film də çəkmək olar, iki-üç film də. Bu, filmdən asılıdır. Amma qeyd etmək istərdim ki, dünya praktikasında, bazar iqtisadiyyatında bu, müəyyən sərmayələr hesabına həyata keçirilən bir işdir.
Teatrların maliyyələşdirilməsi ilə bağlı qeyd etmək istərdim ki, son 5 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi qayğısı nəticəsində Azərbaycanda fəaliyyət göstərən bir çox teatrların yenidən qurulması həyata keçirilmişdir. Bunların sırasında Rus Dram Teatrı, Kukla Teatrı, Gənc Tamaşaçılar Teatrı artıq yenidən açılmışdır. Hazırda Milli Dram Teatrının yenidən qurulması başa çatmaq üzrədir. Eyni zamanda, bir sıra regionlarda – Mingəçevirdə, Şamaxıda və bəzi regionlarda teatrlar yenidən qurulmuşdur. Dövlət Opera və Balet Teatrının yenidən qurulması nəzərdə tutulub və sair. Qeyd etmək istərdim ki, hazırda teatrlarda çalışan işçilərin əmək haqları, sosial ödənişləri və digər ödənişləri tam olaraq dövlət büdcəsi hesabına maliyyələşdirilir. Digər tərəfdən, bildiyiniz kimi, teatrlar tamaşalar qoymaqla, öz repertuarlarını zənginləşdirməklə, hesab edirəm ki, öz gəlirlərini artırmaq imkanına malikdirlər. Bilet satışı hesabına əlavə vəsait də cəlb edə bilərlər. Amma onların əmək haqları, sosial ödənişləri yüz faiz dövlət büdcəsi hesabına maliyyələşdirilir.
İctimai Televiziya və Radio Yayımları Şirkətinə büdcə ayırmaları ilə əlaqədar məsələ qaldırılmışdı. Məlumat üçün bildirmək istərdim ki, təqdim olunmuş büdcə layihəsində bu məqsədlə 8 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa istinad etmək istərdim. Qanunun 23-cü maddəsində nəzərdə tutulur ki, şirkətin yeni yaradılması və fəaliyyət göstərməsi üçün xərcləri gəlirləri ilə təmin olunmadığı ilk dövrlərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən subsidiyaların verilməsi müəyyən olunur. Belə ki, 2005-ci ildə dövlət büdcəsindən 2 milyon manat, hökumətin ehtiyat fondundan isə əlavə 2 milyon manat, investisiya xərclərinə isə 5,1 milyon manat vəsait ayrılmışdı. Artıq 2006-cı ilin dövlət büdcəsində şirkətə 11 milyon manat vəsait nəzərdə tutulmuşdu. 2007-ci ildə 7,5 milyon manat, 2008-ci ildə 10,5 milyon manat, cari ildə 13,5 milyon manat vəsait nəzərdə tutulmuşdur. Qeyd etdiyim qanunun 26.2-ci maddəsinə əsasən 2010-cu il yanvarın 1-dən abonent haqqından daxilolmalar hesabına İctimai Televiziya və Radio Yayımları Şirkətinin maliyyələşdirilməsi təmin olunmalıdır. Qeyd olunan qanunun 23.2-ci maddəsinə əsasən büdcədən ayrılan maliyyə vəsaiti yayımın fasiləsiz verilməsi və şirkətin perspektivli inkişafı istiqamətinə yönəldilməlidir. Yəni faktik olaraq dövlət büdcəsinin öhdəlikləri yalnız bu istiqamətləri maliyyələşdirməlidir. Bunları nəzərə alaraq dövlət büdcəsindən 8 milyon manat vəsait ayrılır. Amma burada İctimai televiziyanın xüsusi rolu, əhəmiyyəti və sair haqqında xeyli fikirlər söylənildi. Sözsüz ki, hökumət bunları da nəzərə alacaq. Amma eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda digər televiziya kanalları da fəaliyyət göstərir və bu televiziya kanalları dövlət büdcəsindən hər hansı bir maddi yardım almırlar və burada rəqabət prinsipi pozulur. Ona görə də bu hallar nəzərə alınmaqla məsələyə baxılmalıdır.
Hörmətli deputat Mahmudov tərəfindən alimlərin əmək haqqı barədə məsələ qaldırılmışdır. Qeyd etmək istərdim ki, dövlət başçısının xüsusi qayğısı nəticəsində son illər ərzində bu sahədə xeyli irəliləyişə nail olunmuşdur. Milli Elmlər Akademiyasında çalışan işçilərin əmək haqları bir neçə dəfə artırılmışdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat institutlarında çalışan işçilərin orta aylıq əmək haqqı 231 manat təşkil edir. Respublika üzrə orta aylıq əmək haqqı isə 297 manatdır. Yəni burada, doğrudan da, fərq var. Amma nəzərə alınmalıdır ki, burada müxtəlif spektrli işçilər var. Buraya həm laborantlar daxildir, həm də institut direktorları. Sözsüz, ali təhsil sahəsində çalışan alimlərin, professorların maaşları xeyli yüksəkdir. Bu isə ali təhsildə aparılan islahatlarla bağlıdır. Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq ali təhsil sistemi adambaşına maliyyələşmə prinsipinə keçməlidir.
Milli Elmlər Akademiyasında da müəyyən islahatlara başlanılır. Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq yeni konsepsiya – elmin inkişafı konsepsiyası təsdiq olunub. Bir neçə il müzakirə etdiyimiz bir məsələ həllini tapıb. Prezidentin yanında Elmin İnkişafı Fondu da yaradılıb. Hesab edirəm ki, bu fondun fəaliyyəti nəticəsində Milli Elmlər Akademiyası sistemində çalışan alimlər bir tərəfdən sabit olaraq dövlət büdcəsindən maaşlarını alacaqlar, digər tərəfdən, Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihələrdə, müsabiqələrdə iştirak etməklə əlavə pul vəsaitlərini əldə edə biləcəklər.
Burada Sahibkarlığa Kömək Milli Fondunun və “Aqrolizinq”in fəaliyyəti ilə əlaqədar bəzi məsələlərə toxunulmuşdur. Arayış üçün qeyd etmək istərdim ki, Sahibkarlığa Kömək Milli Fonduna 44 milyon manat vəsait ayrılıb. Mən bunu da əlavə etmək istərdim ki, artıq Sahibkarlığa Kömək Milli Fondunda 440 milyon manata yaxın vəsait toplanıb. Yəni söhbət təkcə növbəti ildə büdcədən ayrılan 33 milyondan getmir. Söhbət fondun sərəncamında olan 440 milyon manat vəsaitdən gedir. Arayış üçün demək istərdim ki, hazırda Azərbaycanda nizamnamə kapitalında bu məbləğdə vəsait olan bir maliyyə qurumu yoxdur. Doğrudan da, bir neçə il ərzində bu fondda böyük vəsaitlər toplanıb. Eyni zamanda, məlumat üçün qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il dövlət büdcəsinin təsdiq edilməsi ilə əlaqədar fərmanında Sahibkarlığa Kömək Milli Fondunun, həm də “Aqrolizinq” Səhmdar Cəmiyyətinin özünümaliyyələşdirmə prinsipinə keçməsinə dair tələb qoyulmuşdur. Bu istiqamətdə də işlər aparılır. Biz güman edirik ki, artıq bu fondda təxminən yarım milyard manat vəsait toplanandan sonra fond məhz həmin vəsait hesabına dövlət büdcəsindən əlavə vəsait almadan öz fəaliyyətini həyata keçirə bilər.
“Aqrolizinq” Səhmdar Cəmiyyətinə gəldikdə isə qeyd etmək istərdim ki, 2005–2009-cu illər ərzində bu cəmiyyətə dövlət büdcəsindən 210,5 milyon manat vəsait ayrılmışdır. Növbəti ildə də, bildiyiniz kimi, 35 milyon manatın ayrılması nəzərdə tutulur. Hesab edirik ki, bu praktika da davam etdirilməklə, “Aqrolizinq” Səhmdar Cəmiyyətinin nizamnamə kapitalına qoyulmuş vəsaitlər müəyyən həddə çatdıqdan sonra bu səhmdar cəmiyyət də özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərməlidir. Yəni texnikanı lizinqə verməklə və yaxud aqrotexniki xidmətlər göstərməklə, gübrələri güzəştlə satmaqla və yaxud müəyyən müddətə verməklə vəsait əldə edib öz işini qurmalıdır.
Qaldırılan digər məsələ səhiyyə kadrlarının hazırlanması məsələsidir. Burada qeyd olunmuşdur ki, Azərbaycanın bir çox regionlarında dövlət başçısının xüsusi qayğısı nəticəsində ən müasir diaqnostika mərkəzləri tikilib istifadəyə verilmiş və ən müasir texniki vasitələrlə təchiz olunmuşdur. Sözsüz ki, bu vasitələrin çalışqan olması üçün müvafiq kadrlara ehtiyac vardır. Mən hesab edirəm ki, bu istiqamətdə də iş aparılır. Səhiyyə Nazirliyi bu məsələləri həll edir və tam əminəm ki, dövlət başçısının sərəncamları əsasında tikilən onlarla belə mərkəzlər yaxın bir zamanda çox səriştəli səhiyyə kadrları ilə təmin olunacaqlar.
Hörmətli millət vəkilləri bir sıra digər məsələlər barədə də fikirlərini bildirdilər. Azərbaycanın regionlarında sosial-məişət obyektlərinin, mədəniyyət saraylarının bir qisminin yenidən qurulmağa ehtiyacı olması, kəndlərarası yolların təmiri və yenidən tikilməsi, su, qaz probleminin həlli məsələlərinə toxunulmuşdur. Onu da qeyd etmək istərdim ki, bu məsələlərə hökumət tərəfindən baxılır. Sözsüz ki, həm investisiya proqramları, həm də ölkə Prezidenti tərəfindən təsdiq olunmuş 2009–2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində, dövlət büdcəsinin imkanları sayəsində bu problemlərin ardıcıllıqla həllinə vəsaitlər ayrılacaqdır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hesab edirəm ki, dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qaldırılan məsələlərlə əlaqədar hökumətin iclasda iştirak edən üzvləri ətraflı məlumatlar verdilər. Hörmətli millət vəkillərinin səsləndirdikləri suallara cavablar verdilər və narahatlıq yaradan müəyyən məsələlərə aydınlıq gətirdilər. Bunlara diqqət yetirərək demək olar ki, dövlət büdcəsində nəzərdə tutulmuş parametrlər düşünülmüş, bu günün iqtisadi reallıqlarına cavab verən parametrlərdir və dünya iqtisadiyyatında baş verən proseslərə adekvat tərtib olunmuş göstəricilərdir. Çox sağ olun, hörmətli cənab Sədr.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Mən görürəm, deputatlar çıxışları çox diqqətlə, axıra kimi hövsələ ilə dinlədilər. Mən 2010-cu ilin dövlət büdcəsinin müzakirələrində fəal iştirak etdiyinizə görə sizin hamınıza minnətdarlığımı bildirirəm. Mən əminəm ki, sizin bu müzakirələr dövründə bəyəndiyiniz fikirlər, təkliflər Hökumət nümayəndələri tərəfindən araşdırılacaq və gələn iclasda onlar öz fikirlərini deyəcəklər.
Mən axırda bir xahiş etmək istəyirəm. Bəzən Milli Məclisdə söz, inciklik olur, danışırıq, ancaq biz hamımız Azərbaycan torpağının, bir millətin övladlarıyıq. Hamımızın istədiyi odur ki, Azərbaycan inkişaf etsin, qüdrətli dövlət olsun. Bu istiqamətdə hökumət də, parlament də bir yerdə işləməlidir. Bir xahişim var ki, çıxışlar zamanı bir-birimizə hörmətlə yanaşaq. Yəni çıxış naminə, yalnız tənqid xətrinə çıxış etməyək, hərdən çıxışlarda, fikirlərdə populizmə getməyək. Bunlar olmasa, daha gözəl müzakirələr alına bilər. Bir daha çox sağ olun. Hökumətə 10 gün vaxt verək, sonra yığılarıq. Hamınıza minnətdaram, sağ olun.

 

 

 

EDİLMƏMİŞ ÇIXIŞLARIN
MƏTNLƏRİ

12 noyabr 2009-cu il.
———
Nazim Məmmədov. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri və hökumət üzvləri! Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının 2010-cu il üçün büdcə layihəsi, ümumilikdə, son illər qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi üçün Azərbaycanın uzunmüddətli davamlı inkişafına, cənab Prezidentin hökumət qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsinə şərait yaradır. Dövlət büdcəsinin gəlirlər və xərclər hissəsinə baxdıqda ilk növbədə diqqətimizi çəkən büdcənin reallığı əks etdirməsidir. Bizi qane edən məqamlardan biri, bəlkə də başlıcası sosial xərclərin 2009-cu ilə nisbətən eyni səviyyədə qalması və müəyyən dərəcədə dinamikada müsbət meyllərin olmasıdır. Mən də bu fikirlə tam razıyam ki, dövlət büdcəsi proqnozlaşdırılarkən dünyada gedən prosesləri nəzərə almaq lazımdır. Makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, büdcə gəlirlərinin reallığa nə qədər yaxın olması kimi məsələlərə hökumət çox ehtiyatla yanaşmağa üstünlük verib. Təbii, Azərbaycan neft ölkəsidir və büdcə gəlirlərinin əhəmiyyətli hissəsinin neft sektorundan daxil olması söz-söhbət yaratmamalıdır və bunun heç bir dramatikliyi yoxdur.
Ancaq neftin qiymətinin 45 ABŞ dolları götürülməsi, fikrimcə, çox ehtiyatlı davranışın nəticəsi kimi qiymətləndirilməlidir. Dünya iqtisadiyyatında gedən proseslər, böyük səkkizliyin və iyirmilərin London toplantısından sonra artıq bir barel neftin ədalətli qiymətinin 70-80 dollar olacağı heç kimdə şübhə doğurmadığı məlum olduğu halda neftin qiymətinin bu qədər aşağı götürülməsini izah etmək asan deyil.
İnflyasiya ilə bağlı hökumətin mövqeyi, fikrimcə, diskussiyaya yol açan ikinci bir amil olaraq qeyd edilməlidir. Çünki Dünya Bankının, BVF-nun, Asiya İnkişaf Bankının və digər nüfuzlu beynəlxalq qurumların dünya maliyyə-iqtisadi böhranın 2010-cu ilin birinci yarısında başa çatacağını və dünya iqtisadiyyatında artımın sürətlənməsi ilə bağlı proqnozları var. Nəzərə alaq ki, hətta bəzi ölkələrin iqtisadiyyatında əhəmiyyətli dəyişikliklər gözlənir. Yeri gəlmişkən, Azərbaycan iqtisadiyyatında 2010-cu ildə 6,8 faiz artımın proqnozlaşdırılması bir daha sübut edir ki, bu qədər artım olan yerdə 3 faiz inflyasiya reallığı tam əks etdirmir.
Hörmətli cənab Sədr! Subsidiyalar və zərərin ödənilməsinə 330 milyon manat nəzərdə tutulur. Ümumilikdə, mənim subsidiyalara, həm də heç bir effekti olmayan subsidiyalara yanaşmam fərqlidir. Belə subsidiyaların əhəmiyyətli bir hissəsi dövlət büdcəsinin xərclər hissəsində 13-cü bölməyə aid olan “Dövlət müəssisələrinə maliyyə yardımı” adı altında 64,5 milyon manat vəsaitin ayrılmasıdır. Millət vəkillərini məlumatlandırmaq üçün qeyd edim ki, bu müəssisələr, adətən, səhmdar cəmiyyətlər formasında fəaliyyət göstərən müəssisələrdir və həmin xərclər onların, rəhbərlərinin avtomobilləri də daxil olmaqla saxlanılmasına çəkilən xərclərdir.
Hesab edirəm ki, həmin müəssisələrin özəlləşdirilməsinə start verilməli və bunun üçün hökumət ölkə başçısına təklif hazırlamalıdır. Həmin məsələyə bu ildən başlamaq daha məqsədəuyğun olardı. Azad edilən vəsaitin bir hissəsini Sahibkarlığa Kömək Milli Fonduna, cüzi bir hissəsini isə dəyərli millət vəkillərinin bir neçə il davamlı xahişlərini nəzərə alaraq, onların xidməti avtomobillərlə təmin edilməsinə yönəltmək olar. Səhmdar cəmiyyətlərin əmlakının və torpağının satışından daxilolmaları büdcə kəsirinin azalmasına, xidmət edəcək məsələlərə yönəltmək olar.
Mənim bu təklifimə İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin münasibətini bilmək maraqlı olardı.
Büdcə xərclərini təhlil etdikdə mən bir daha əmin oluram ki, ali təhsil və onun idarə olunması ilə bağlı hökumət instutisional islahatları davam etdirməlidir.
Qeyd etməliyəm ki, ali təhsilin maliyyələşdirilməsi üçün 138 milyon manatdan çox vəsait nəzərdə tutulur. Təhsilin nəticəliyi ilə bağlı müzakirələr açmaq fikrində deyiləm, sadəcə, bir rəqəmi dəyərli millət vəkillərinin və hökumət üzvlərinin diqqətinə çatdırmağı özümə borc bilirəm.
2007-ci ildən dövlət qulluğuna qəbul edilmək üçün aparılan müsabiqələrə qatılan 10.000-dən çox universitet məzununun cəmi 500-ə yaxınının birinci test imtahanından keçməsi böyük həyəcan doğurmalıdır. Nəzərə alaq ki, nəticənin 5 faiz olduğu bir sahədə institusional islahatların aparılması təxirə salınmamalıdır. İslahatlara Təhsil Nazirliyinin qəbul üzrə planlarının tamamilə ləğv edilməsindən, dövlət hesabına hazırlanan mütəxəssislərin özəl universitetlərdə də hazırlanmasına start verilməsindən başlanmalıdır. Bu, geniş mövzu olduğundan mən vaxtınızı çox almaq istəməzdim.
Bir çox dəyərli millət vəkillərimiz elmi-pedaqoji fəaliyyətlə məşğuldurlar və bir neçəsi ali təhsil sistemində idarəetmə funksiyalarını həyata keçirir. Onların hər birinə hörmətimi ifadə etmək istəyirəm. Əgər kimsə mənim dediyimin əksini sübut etməyə çalışmaq istəsə, tövsiyə edirəm ki, mübahisəyə qoşulmasın. Hər halda iqtisadiyyatın, o cümlədən ali təhsilin dünyada necə idarə olunduğunu mən yaxşı tədqiq etmişəm.
Hesab edirəm ki, Milli Məclisdəki müzakirələrdə daha çox reallığı nəzərə alan məqamları önə çəkməklə institusional islahatların aparılmasını vacib edən addımlar atılmalıdır.
Cənab Prezidentin çağırışlarına cavab verən addımların atılması çox vacibdir. Ayrı-ayrı sahələrin inkişaf dinamikası bizi qane etmir və həmin sahələrdə islahatlar sürətləndirilməlidir.
Ümumilikdə, dövlət büdcəsinə səs verəcəyəm və həmkarlarımı büdcə layihəsinə müsbət səs verməyə çağırıram.
Rüfət Quliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, xanımlar və cənablar! Müzakirə edilən 2010-cu il üçün büdcə layihəsi hərtərəfli əsaslandırılmış, dövlətçiliyin və xalqımızın mənafeyinə cavab verən fundamental bir sənəddir. Layihə ilə tanışlıq göstərir ki, onu hazırlayıb ərsəyə gətirənlər sənədin sanballı olması üçün əllərindən gələni əsirgəməmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin proqram xarakterli göstəriş və çıxışlarından irəli gələn vəzifələrə tamamilə cavab verən mükəmməl bir layihəni müzakirəmizə təqdim etmişlər.
İlk növbədə qeyd etmək istərdim ki, əvvəlki illərdə olduğu kimi, 2010-cu ilin büdcə layihəsi də sosial yönümlüdür. Dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində sosial yönümlü xərclərin büdcənin 34,4 faizini və ya 3877,6 milyon manat təşkil etməsi və 2009-cu illə müqayisədə 1,8 faiz çox olması bunun bariz sübutudur. Sözsüz ki, ölkədə hökm sürən iqtisadi sabitlik, bütün pozitiv dəyişikliklər ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasətin nəticəsində mümkün olmuşdur.
İldən-ilə Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da yüksələn xətt üzrə inkişaf edir, yeni-yeni istehsal gücləri meydana gəlir və hazırda daxili investisiya xarici investisiyanı üstələyir. Azərbaycan hətta bu gün Gürcüstan, Türkiyə və Moldova kimi xarici ölkələrə sərmayə qoyur.
Son illərdə ölkədə aparılan böyük quruculuq işləri, yeni istehsal sahələrinin, iş yerlərinin yaradılması, dünyanı bürümüş iqtisadi və maliyyə böhranına, neftin qiymətinin kəskin surətdə aşağı düşməsinə baxmayaraq, cari ilin 9 ayında ümumi daxili məhsulun artım sürətinin 6,1 faizə çatması və bunun regionda rekord göstərici olması göz qabağındadır. Hamımız bütün bunlarla fəxr etməliyik.
Nəhayət, ötən il kənd təsərrüfatımızda da böyük pozitiv dəyişiklik baş vermiş və cari ildə taxıl istehsalı 3 milyon tona çatmışdır. 2009-cu ilin 9 ayında ölkədə inflasiya cəmi 2,1 faiz təşkil etmişdir. Respublikada böyük işlər görülür və hər sahədə dinamik inkişaf gedir. Həmişə olduğu kimi, ölkədə neft faktoru prioritet istiqamət olaraq qalır. Əsas məsələ budur ki, nefdən gələn gəlirlərdən düzgün istifadə olunsun. Hazırda bu sahədə biz, iqtisadçı alimlərin heç bir narahatlığı yoxdur. Çünki bu məsələ dövlətin və bütün əlaqədar strukturların diqqət mərkəzindədir və neftimiz xalqımıza xidmət edir. Mən də 2010-cu ilin büdcəsində neftin 1 barelinin qiymətinin 45 ABŞ dolları məbləğində nəzərdə tutulmasını dəstəkləyirəm və hesab edirəm ki, bu proqnozu verən təşkilatlar belə həssas məsələyə çox düzgün yanaşmışlar.
Lakin burada çıxış edən bəzi deputat həmkarlarım bir çox şeylərə qara eynəklə baxır və hər sahədə nöqsan axtarırlar. Qeyd etməliyəm ki, bu deputatlar 4 ildir eyni nöqteyi-nəzərdən çıxış edir, yersiz hay-küy qaldırırlar. Hətta keçən ilin sonlarında və bu ilin əvvəllərində şayiələr yayırdılar ki, dünyada baş verən maliyyə və iqtisadi böhrana Azərbaycan iqtisadiyyatı davam gətirməyəcək və çökəcək. Nəticə isə göz qabağındadır: Azərbaycan iqtisadiyyatının uğurları dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən etiraf edilir. Bəli, biz də etiraz etmirik ki, bəzi sahələrdə hələ nöqsanlar mövcuddur. Açığını demək lazımdır, nöqsansız yalnız o sahə ola bilər ki, orada heç bir iş getməsin. İş olan yerdə hər hansı bir nöqsan olacaq və bu, aksiomdur. Biz hamımız əl-ələ verib çalışmalıyıq ki, bu nöqsanların aradan qaldırılmasında ölkə rəhbərliyinə yardımçı olaq, mövcud problemlərin həlli yollarını axtarıb tapaq. Qarabağ problemi kimi problemi olan bir ölkənin millət vəkilləri öz qüvvə və bacarıqlarını onun həllinə yönəltməli, belə taleyüklü məqamlarda hamı yumruq kimi sıxılmış olmalıdır.
Seçicilərimiz bizdən mənasız debatlar yox, konkret işlər, problemlərin həllini gözləyirlər. Bu gün gəlin etiraf edək ki, ölkədə yerli istehsalçılar, xüsusilə fermerlər hələ də zəif işləyirlər, çox yerlərdə ayrılmış pay torpaqlarından ya səmərəli istifadə olunmur və ya heç istifadə olunmur. Bu sahədə vəziyyəti düzəltmək üçün çalışmalıyıq ki, fermerlər üçün bütün zəruri şərait yaradılsın və belə olan halda kəndli də torpağa üz tutacaqdır.
Deputat seçildiyim Lənkəran rayonunda son illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gündəlik qayğısı nəticəsində şəhər icra hakimiyyətinin başçısı cənab S. Mikayılovun rəhbərliyi ilə böyük quruculuq, abadlıq işləri aparılır. Fəxrlə demək olar ki, şəhərin xarici görkəmi tanınmaz dərəcədə gözəlləşmişdir, bütün yaşayış məntəqələrindəki abadlıq, quruculuq işləri göz qabağındadır. Son illərdə rayonda dövlət və Heydər Əliyev Fondunun xətti ilə 9 məktəb inşa edilmiş, uşaq sağlamlıq mərkəzi, süd zavodu, tikiş fabriki, yeni avtomat telefon stansiyaları, poçt məntəqələri tikilmiş, kəndlərə gedən və kəndlərarası yollar əsaslı surətdə təmir edilərək yenidən qurulmuşdur ki, bunlar da minlərlə yeni iş yerlərinin açılmasına zəmin yaratmışdır. Yüksək keyfiyyətlə tikilən müasir tipli məktəblərdən ikisi deputat seçildiyim Digah və Sütəmurdov kəndlərində inşa edilmişdir.
Rayonda digər sosial məsələlər də uğurla həll edilir. Tam məsuliyyətlə deyə bilərəm ki, rayon əhalisinin yaralı yeri olan elektrik enerjisinin fasiləsiz verilməsi məsələsi S. Mikayılovun böyük səyləri nəticəsində son 3 ildə öz müsbət həllini tapmışdır. Əvvəllər bu sahədə işin yarıtmaz olması barədə Milli Məclisdə mən dəfələrlə məsələ qaldırmışdım. Müxtəlif cavabdeh yoldaşlar bunu ödəniş haqqının toplanmaması ilə əsaslandırmağa cəhd göstərirdilər. Bu gün isə işıq olduğuna görə əhali üzrə ödəniş haqqı 90 faizdən yuxarıdır.
Analoji sözləri təbii qazla təminat haqqında demək hələlik qeyri-mümkündür. Hələ 70-ci illərdə ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik edərkən Lənkəran rayonu başdan-başa qazlaşdırılmışdı. Hazırda şəhərin bir neçə məhəlləsini və bəzi yaşayış məntəqələrini çıxmaqla rayonun qalan yaşayış yerlərində əsas yanacaq vasitəsi odundur, bu da ekoloji tarazlığın pozulmasına səbəb olur. Lənkəranlılar böyük ümidlə rayonda qaz probleminin yaxın vaxtlarda həllini gözləyirlər.
Fürsətdən istifadə edərək, həyata keçirilən və xalqın rifahının yüksəlməsinə yönəlmiş geniş quruculuq, abadlıq işlərinə, sosial-iqtisadi inkişafda əldə edilmiş yüksək göstəricilərə görə seçicilərim və öz adımdan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Görülən işlər bizi sevindirir və qürur hissi doğurur. Bununla yanaşı, 2010-cu ilin büdcə layihəsinə bəzi təklif və qeydlərimi nəzərinizə çatdırmaq istərdim:
– 2010-cu ilin dövlət büdcəsində dövlət investisiya xərcləri üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdiriləcək layihələrin istiqamətində hər sahə üzrə ümumi xərclər göstərilsə də, hər obyekt üzrə konkret xərclərin göstərilməsi də yaxşı olardı. Bir deputat kimi biz də bu obyektlərin işə salınmasına yaxından həm nəzarət, həm köməklik edə bilərdik.
– Ölkə rəhbəri cənab İlham Əliyev bir vəzifə olaraq qarşıya belə bir məqsəd qoymuşdur: “qara qızılı insan kapitalına çevirmək lazımdır”. Sözsüz, cəmiyyətimizdə savadlı, yüksək intellektə malik mütəxəssislər ordusu var və onların sayını, bilik səviyyəsini daha da yüksəltmək günün vacib məsələlərindəndir. Belə insanların yetişdirilməsində isə müəllimlərin, alimlərin xidmətləri danılmazdır. Bir pedaqoq-iqtisadçı alim kimi mənim elmi ictimaiyyətlə geniş əlaqələrim var və alimlərin həyat tərzi ilə yaxından tanışam. Yaxşı olardı ki, elmlər doktorlarının və elmlər namizədlərinin elmi dərəcəyə görə maaşları artırılsın. Azərbaycanda təxminən 9 minə yaxın alim fəaliyyət göstərir. Elementar hesablamalara görə alimlərin elmi dərəcəyə görı aylıq maaşları 100 manat artırılsa (defferensiyasız), bu, ildə 10 milyon manatdan çox olmayacaq. Ancaq bu, təhsilin də, elmin də səviyyəsinə öz müsbət təsirini göstərəcək. Bu gün yaşayışını təmin etmək üçün 2-3 və daha artıq yerdə işləyən alimdən yüksək elmi nəticə gözləmək reallıqdan uzaqdır.
– 2010-cu ilin büdcə layihəsində sosial ipoteka üçün 14 milyon manat ayrılması nəzərdə tutulmuşdur. Hesab edirəm ki, imkan daxilində bu rəqəmi bir neçə dəfə artırmaq məqsədəuyğun olardı.
–  Son illər ölkəyə karbohidrogenlərin satılmasından çoxlu miqdarda valyuta ehtiyatı daxil olmaqdadır. Belə şəraitdə yaxşı olardı ki, kənd təsərrüfatının, xüsusilə üzümçülüyün, tərəvəzçiliyin, çayçılığın inkişafını nəzərdə tutan milli layihələr işlənib hazırlansın və bu sahə ilə məşğul olan sahibkarlara, fermerlərə 10 il müddətinə güzəştli və məqsədli kreditlər verilsin.
Ümidvaram ki, qaldırılan hər bir taleyüklü məsələnin həlli üçün zəruri vəsait nəzərdə tutulacaq, iqtisadiyyatımızın inkişafı və xalqımızın rifah halının yaxşılaşması həmişə olduğu kimi, yenə də diqqət mərkəzində olacaqdır. Ümumiyyətlə, büdcə layihəsini bütünlüklə bəyənir, dəstəkləyir və deputat həmkarlarımı ona səs verməyə çağırıram.
Sonda bu büdcə layihəsində nəzərdə tutulan proqramları yerinə yetirəcək insanlara uğurlar arzulayır və diqqətinizə görə öz minnətdarlığımı bildirirəm.

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi