2010-ci il 11 may tarixli iclasın stenoqramı

MİLLİ  MƏCLİSİN  İCLASI

11 may  2010-cu  il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, yerlərinizi tutasınız. Qeydiyyatdan keçək.

Qeydiyyat  (saat 12.08 dəq.)
İştirak edir  107
Yetərsay       83

Çox sağ olun. Yetərsay var, iclasımıza başlaya bilərik. Gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.08 dəq.)
Lehinə    95
Əleyhinə  2
Bitərəf   0
Səs vermədi 3   
İştirak edir  100  
Nəticə: qəbul edildi

Gündəlik təsdiq edildi. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Fəzail Ağamalı.
F.Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bəlli olduğu kimi, son günlər təbiətin şıltaqlığı Azərbaycanda ciddi problemlər yaradıb və həmin problemlər mənim seçilmiş olduğum  Salyan, Neftçala rayonlarında da özünü göstərib. Mən hər iki rayonun kəndlərində Kürün yaratmış olduğu son dərəcə çətin vəziyyətlə yerində tanış oldum. Əlbəttə, məndən sonra çıxış edəcək həmkarlarımdan kimsə baş vermiş hadisəyə başqa mövqedən başqa cür də yanaşa bilər. Amma bu yanaşmalardan asılı olmayaraq həqiqət birdir. Mən yerlərdə olarkən bunu gördüm ki, hər iki rayonun bütün əlaqədar təşkilatları, ölkənin Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və digər strukturları Kürün bu şıltaqlığının qarşısını almaq üçün bütün imkanlarını səfərbərliyə almışlar. Sözün həqiqi mənasında Kürlə ciddi və amansız mübarizə gedir.
Çox şükürlər olsun ki, Salyanda və Neftçalada Sabirabaddakı kimi ciddi fəsadlar törənmədi, məhz qabaqlayıcı tədbirlər nəticəsində Kürdə bəndlərin aşmasının qarşısı alındı. Düzdür, bu rayonlarda da müəyyən problemlər var. Qrunt suları üzə çıxıb, Kürün daşması nəticəsində evlərə, həyətlərə su dolub. Lakin Sabirabadda olan fəlakətli vəziyyət, – oradakı kəndləri tamamilə su basıb,  – həmin rayonlarda olmadı.
Çox təəssüf ki, dünyada gedən bu proses, bu təbiət kataklizmi Azərbaycandan da yan keçmədi. Lakin mən tamamilə əminəm ki, ölkənin müvafiq strukturları təbiətin bu şıltaqlığına, kataklizminə qarşı ardıcıl mübarizə aparıb fəsadların daha geniş şəkil almasının qarşısını ala biləcəklər. Mən buna əminəm. 
Lakin yeri gəlmişkən, hörmətli cənab Sədr, demək istərdim ki, bu problemin birdəfəlik həlli üçün addım atmaq lazımdır. Bunun üçün fikirlər söylənilib. Bəli, Kürün Xəzərə tökülən hissəsini təmizləmək lazımdır. Eyni zamanda, yerli camaat söyləyir ki, Şirvandan Salyanın ərazisinə keçmək şərtilə əlavə bir qol çəkmək olar ki, bu da Salyan və digər sahələrdə Kürün axınının zəifləməsinə səbəb ola bilər. Beləliklə, həmin ərazidə 50 min hektardan çox olan torpaq sahəsini də münbitləşdirmək olar. Düşünürəm ki, müvafiq qurumlar buna diqqət versə, çox yaxşı olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm. Mən Mürsəllidən səhər saat 5-də gəlmişəm. Fəzail Ağamalı orada boğulan heyvanların səsini, böyürtüsünü eşitsəydi, belə danışmazdı. Camaatın hamısı yolların qırağındadır. Bunu təbiətin üstünə yıxmayaq. Bu, sırf cəmiyyət hadisəsidir. Bu, qlobal kataklizmlə bağlı deyil, Azərbaycanla bağlıdır. İki gündür, Araz çayının səviyyəsi düşməkdə davam edir, şayiə yayırlar ki, Araz qalxıb. Necə olub ki, Kürün səviyyəsi 50-80 sm düşəndən sonra Mürsəllini dünən gecə su basıb? Buna bir cavab verən lazımdır. Hətta həyat əhəmiyyətli məsələlərə görə əgər bu cür məsuliyyətsizlik olacaqsa və buna görə heç bir cəza yoxdursa, çəkilən bütün bəndlərin altından su sızırsa, bu fəlakətlər olasıdır. Sabirabadı güdaza veriblər. Bu, camaatın fikridir. Dünənki hadisə onu göstərir ki, təbii fəlakətin bu qədər ciddi fəsadlara səbəb olması heç də təsadüfi deyil. Kürdə suyun səviyyəsi 80 sm düşəndən sonra çoxsaylı kəndlərimizi su basıb və basmaqda da davam edir. Kimlərsə milyonlarla pulu yeyib, mənimsəyiblər, indi hər şeyi təbiətin üstünə yıxmağa çalışırlar.
Son 3 ildə bəndatmaya və Kürün daşqından mühafizəsinə guya bütün əvvəlki 30 ildəki qədər pul xərclənib. Yaxşı, bu pul hara gedib? Bunu gedib yoxlayaram, baxaram, heç olmasa, bir-iki adamı həbs eləyərəm, işdən çıxararam. Yoxsa qlobal proses belə gəldi, filan belə getdi.
Bu gün Sabirabadda on minlərlə insanı əhatə edən çox ciddi fəlakət baş verir. Kəndləri sel basır və basmaqda da davam edir. Mən tam məsuliyyətlə və əminliklə deyirəm, arxasında da dururam ki, bu, tək Kürün, Arazın daşması deyil, daşan korrupsiyadır, yiyəsizlikdir, sahibsizlikdir. Bunun fəsadları təkcə Sabirabadla qurtarmayacaq, bu selin, bu bəlanın altında sizli-bizli hamımız qalacağıq.
Dövlət başçısı zəhmət çəksin, o zonaya getsin, vəziyyəti özü görsün və məsuliyyət də tələb eləsin. Yoxsa 5-10 nazir gedib Şirvanda oturub, körpünün başında və ya çadır şəhərciyində televiziyalara müsahibə verir. Belə şey olmaz axı. Çox ciddi bir fəlakət baş verib. Şəxsən dövlət başçısının bu iş üçün məsuliyyəti var və məsuliyyətini də daşısın.
Sədrlik edən. Ay Pənah Hüseyn, heç olmasa, vicdanla danış. Camaat gecə-gündüz, 24 saat orada işləyir. Sən orada korrupsiya görürsən. Pafoslu danışıqları kənara qoyun. Heç olmasa, təbiət hadisələrindən, kataklizmlərindən siyasi məqsədlər üçün istifadə etməyin.  Dövlət başçısı bu saat o zonadadır. Bildiyini də danışırsan, bilmədiyini də. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, doğrudan da,  bu gün Azərbaycanda hər bir vətəndaş Kürün daşması ilə bağlı  çox narahatdır. Adətən, təbii fəlakətlər zamanı millət çalışır ki, bir araya gəlsin, milli həmrəylik olsun və maksimum dərəcədə o insanlara kömək göstərilsin. Təqribən bu hadisə baş verən gün Amerika Birləşmiş Ştatlarında da oxşar bir daşqın olmuş, 36 nəfər dünyasını dəyişmişdi. Şükürlər olsun ki,  Azərbaycanda bu daşqın insan ölümü ilə nəticələnməyib, müvafiq orqanlar vaxtında o insanlara kömək eləyib, onları təhlükəli zonalardan çıxarıblar. Amma Prezidentin keçirdiyi müşavirədə də qeyd olundu ki, fəlakətin miqyası çox böyükdür.
Müxtəlif kütləvi informasiya vasitələrində insan amili ilə bağlı fikirlər söylənir. Hörmətli həmkarımız Pənah Hüseyn də burada söylədi. Mətbuatda deyilir ki, Mingəçevir su anbarında suyun səviyyəsi 72 metr olmalı olduğu halda, qış vaxtlarında su buraxılmır, onun səviyyəsi 90 metrə qədər çatdırılır. Bu ondan ötrü edilir ki, daha çox enerji istehsal olunsun. İndi də daxil olan su ilə çıxan suyun arasında nisbət 1-in 1,7-yədir. Hər halda bunu qəzetlər yazır. Ona görə də çox istərdim ki, müvafiq orqanlar bu faktı araşdırıb ictimaiyyətə məlumat versinlər, insanları sakitləşdirsinlər. Ona görə ki, cəmiyyətdə bununla bağlı müəyyən narahatçılıq var. Bu narahatçılığın aradan qaldırılması üçün müəyyən addımlar atılmalı və burada günahı olan şəxslər varsa, qanunun bütün ciddiliyi ilə cəzalandırılmalıdırlar.
Oqtay müəllim, doğrudur, cənab Prezident artıq 400 milyon manat vəsaitin ayrılması barədə sərəncam verib. Amma bu gün respublika ictimaiyyəti də bu prosesdən kənarda qalmamalıdır. Mən çox istərdim ki, müvafiq hesab açılsın. Şəxsən mən öz əmək haqqımdan o hesaba 500 manat köçürməyə hazıram. Burada bəyan edirəm ki, o hesab açılarsa, oraya ilk pul köçürənlərdən biri mən olacağam. Təbii fəlakətdən zərər çəkən insanların orada yaşayışının yaxşılaşdırılması üçün dövlətin gördüyü işlərlə yanaşı, cəmiyyət olaraq, ölkə olaraq hamımız bu prosesdə iştirak eləyək.
Sonda bir daha vurğulamaq istəyirəm, təbii fəlakətlər zamanı çalışmaq lazımdır, insanlar sakitləşsin, bütün millət bir araya gəlsin ki, bu fəlakətin nəticələrini aradan qaldıra bilək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən də səhər-səhər mətbuata baxıb gəlirəm. Biz hamımız azərbaycanlıyıq. Hərdən adam elə şeylər oxuyur ki... Təbii fəlakətdən sevinən insanları görəndə adamda nifrət oyanır.
Bəli, bu gün biz təbii fəlakətlə üzləşmişik. Bu dövrdə xalq daha da birləşməlidir. Hamımız çalışmalıyıq. Hər gün əlaqə saxlayırıq, gecə-gündüz, 24 saat insanlar suyun içində işləyirlər. Bütün əlaqədar təşkilatlar bu işə cəlb olunub. Qüdrət Həsənquliyev yaxşı dedi ki, Amerikada da daşqın olub, amma orada 36 nəfər ölüb. Amerikada da korrupsiya olub, çaylar daşıb? Hər bir şeyin arxasında nəsə axtarmaq, hətta təbii fəlakətdən də xal qazanmağa cəhd etmək düzgün hərəkət deyil.
Cənab Prezident bu saat fəlakət yerindədir. Həmin rayonların hamısını bir-bir gəzir, baxır.  Ölçülər də götürülür. Bunu keçirdiyi iclas da göstərdi. Təbii fəlakət dünyanın hər yerində olur, çalışırıq ki, qarşısını alaq. O ki qaldı Mingəçevir gölünə, mən sizə tam əminliklə deyə bilərəm ki, o göldə bütün məsələlər tam nəzarət altındadır. O gölün xüsusi hündürlüyü var, onun daşma həddi var. Orada bunlar hamısı nizamlanır. Buyurun, İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, Kür çayının bu şəkildə daşması təkcə təbii səbəblərlə bağlı deyil. Bu məsələdə məsuliyyət daşımalı olan adamların hamısı bununla bağlı hesabat verməyi bacarmalıdır. Hökumət onlardan hesabat tələb etməlidir, nəyə görə bu qədər vəsait xərclənib və bəndlər standartlara cavab verməyib. Baş verən hadisədə daha çox təbiəti günahlandırmaq indi dəbə düşüb. Mən hesab edirəm ki, Hidrometeorologiya Komitəsinin bu barədə verdiyi məlumatları nəzərə almaq, bundan əvvəlki illərdə buna oxşar hadisələrin gələcəkdə faciə ilə nəticələnə biləcəyini qabaqcadan doğru-dürüst hesablamaq lazım idi. Ən yaxşı halda bu fəlakət aradan qaldırılandan sonra əlaqədar təşkilatların hamısı bununla bağlı hesabat verməlidir. Nazirlər Kabineti də parlamentdə növbəti hesabatlarında bununla bağlı sorğulara cavab verməlidir.
Təbii ki, hamımız bu fəlakətə görə bir vətəndaş, azərbaycanlı kimi çox üzülürük. Hesab edirik ki, doğrudan da, ümumi hesab açılmalıdır. Millət vəkilləri 15 günlük maaşlarını bu hesaba keçirməlidirlər. Yaxşısı o olar ki, pərakəndə şəkildə yox, qrup şəklində, – o qruplar Milli Məclisdə müəyyən olunsun, – fəlakət zonasına gedək, gecəni əhali ilə keçirək. Burada sual oluna bilər ki, niyə təkbaşına  gedilmir, filan. Təkbaşına gedəndə buna siyasi don da geyindirirlər, ay filankəs də gəlmişdi, filan yerə olmaz. Qrup-qrup müəyyən olunsun, biz də gedək, – insanlar orada keşik çəkirlər, – gecəni onlarla olaq. Onların yanında olmağımız həm vətəndaşların daha güvənli olması, həm də Milli Məclislə əlaqəsi deməkdir. Bu qruplar şəklində biz orada olsaq, hesab edirəm ki, daha ciddi nəticələr əldə olunar.
Bir məsələyə də toxunmaq istəyirəm. Uzun müddət siyasi partiyalar Bakı Şəhər İcra Hakimiyyətinə kütləvi aksiyaların keçirilməsi ilə bağlı müraciət edir, hamısına da eyni cavab verilir. Təəssüflər olsun ki, məhkəmə də Bakı Şəhər İcra Hakimiyyətinin dediklərini təsdiq edir. Çox xahiş edirəm, Milli Məclis seçki ilində səlahiyyətlərindən istifadə etsin və Bakı Şəhər İcra Hakimiyyətindən “Sərbəst toplaşma azadlığı haqqında” Qanunun tələblərinin yerinə yetirilməsini tələb etsin. Neçənci dəfədir müraciət olunur, nə bizə, nə də digər partiyalara kütləvi aksiya keçirmək üçün müvafiq yer ayrılır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! 2010-cu ilin I rübünün müzakirəsinə həsr olunmuş toplantıda bir vacib məsələyə də aydınlıq gətirildi. İnsanlar narahat idilər ki, ünvanlı sosial yardım bundan sonra veriləcək, ya yox. Orada açıq formada bildirildi ki, bu yardım davam etdiriləcək. Mən bunu müsbət qiymətləndirirəm. Eyni zamanda, fevral-mart aylarında köhnədən qalmış ünvanlı sosial yardım borclarının da verilməsi çox vacibdir.
Son dövrlərdə bir tendensiya var. Mən Şəkinin timsalında deyirəm, amma başqa rayonlarda da belədir. Şəkidə yalnız mart ayında 656 ailəyə ünvanlı sosial yardım müəyyən edilib. Qalan aylarda ünvanlı sosial yardımın təyin edilməsi ləngidilib. Bu, başqa rayonlara da aiddir. Ölkəmizdə əhalinin 11 faizi yoxsuldur. Bu, 990 min nəfər edir, ünvanlı yardımı isə hələlik 700 min nəfər alır. Böhran da hələ qurtarmayıb. Böhranın qurtarmadığı bir dövrdə ünvanlı sosial yardım alanların 700 min nəfərdən 600 min nəfərə və sairə enməsini mən məqsədəuyğun hesab eləmirəm.
Hesablama Palatası çox maraqlı hesablama aparıb. Hansı rayonlarda yoxsulluğun səviyyəsi aşağı olubsa, orada sosial yardımın faizi də aşağı olub, çox olanlarda çox olub. Bu, anormal haldır. Yenə Şəkinin timsalında götürək. Əgər Bakıda orta əmək haqqı 450, Azərbaycanda 300 manatdan yuxarıdırsa, Şəkidə 175 manatdır. Yoxsulluğun səviyyəsi aşağı olan rayonlara ünvanlı sosial yardımın artırılması məqsədəuyğun hesab edilir. Bu, ələbaxımlıq deyil, bu bütün sivil ölkələrdə iş yerlərinin açılması ilə bərabər, imkansızlara ən sivil, ən etibarlı formada səmərəli yardımdır. Azərbaycan hökuməti bu etibarlı formadan istifadə edib. Nə qədər ki böhranın təsiri var, bu məbləğ genişlənməlidir ki, əhalinin aztəminatlı təbəqəsi bundan faydalana bilsin.
İkinci məsələ. Hesab edirəm ki, sahibkarlıq sahəsində yoxlamaların nizama salınması ilə bağlı Prezidentin fərmanı bu sahədə sahibkarların hüquqlarının qorunması üçün irəliyə doğru addım idi. Amma sahibkar da sahibkar olmalıdır. Hələ büdcə təşkilatlarında çalışanların maaşı qalxmayıb, bu barədə informasiya verilən kimi bir sıra məhsulların qiymətləri artmağa başlayır. Bu, düzgün deyil. Hesab edirəm ki, əlaqədar təşkilatlar monitorinq aparmalı, belə sahibkarlar cəzalandırılmalıdırlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Orucov. Cənab Sədr, hörmətli Məclis üzvləri! Mən əslində başqa bir məsələdən bəhs edəcəkdim. Amma burada sel məsələsi ətrafında xeyli siyasiləşmiş fikirlərin söylənməsi məni vadar elədi ki, bir dəqiqəni buna ayırım. Mənim fikrimcə, bu təbii fəlakətə adekvat olaraq cənab Prezidentin keçirmiş olduğu müşavirə və orada xüsusilə vəzifə adamlarına verdiyi göstərişlər özünün xarakterinə görə kifayət qədər sərt idi. Düşünürəm, dövlətin bundan sonrakı addımları da ona yönələcək ki, həmin fəlakətin nəticələri ortadan götürülmüş olsun.
Amma mən çox sevinirəm ki, bu hadisələr Azərbaycanda tez-tez təkrarlanmır. Çünki müxalifətin bu selin üzərində qurduğu siyasət, yumşaq desək, təəccüb doğurur. Bunlar İndoneziyada, Qırğızıstanda baş verən qanlı hadisələrə, hakimiyyət dəyişikliklərinə sevinirlər. Dünyada hansı hadisə baş versə, müxalifət onun üzərində nələrin isə dəyişikliyini görür. Bu yaxınlarda mən onların mediasında bir çağırışı oxumuşdum. Yəqin, onu qarşıdakı dövrlərdə daha sübutlu təqdim edəcəyik. Biri yazıb, çox əsəbiyik, günümüz həddindən artıq qaradır, mən çox arzulayıram ki, Haitidə baş verən hadisə Azərbaycanda təkrar olunsun. Haitidə 250 min insanın həyatının itirilməsinə səbəb olmuş hadisənin Azərbaycanda təkrarlanması ilə kiminsə hakimiyyət uğrunda mübarizədə yolu açılacaqdırsa, yazıqlar olsun onlara.
Cənab Sədr, mən Türkiyənin Baş naziri cənab Ərdoğanın Azərbaycana səfəri ilə bağlı fikirlərə toxunmaq istəyirəm. Bu, protokolların birinci mərhələdə iflasa uğramasından sonrakı səfərdir. Düşünürəm ki, beynəlxalq dairələr tərəfindən də bu, son dərəcə diqqətlə izlənməkdədir. Şübhəsiz ki, birinci raunddan Azərbaycan və Türkiyə tandeminin daha da möhkəmlənərək çıxması mühüm bir hadisə idi. Lakin qarşıdakı dövrdə Türkiyə və Azərbaycanın atacağı addımlar daha önəmli olmalıdır.
Mən bu sahədə Türkiyə və Azərbaycan arasında Qarabağa yönəlik bir müqavilənin imzalanmasını təklif edirəm. Əlbəttə, bu, bütövlükdə Qars müqaviləsinin təkrarını özündə ifadə eləmir. Mahiyyətcə onsuz da Türkiyə Qarabağ məsələsində fəal rol alıbdır. Xarici siyasətini də ön yerə qoyubdur. Amma əgər Rusiya ilə Ermənistan arasında ən müxtəlif xarakterli hərbi ittifaqlar, siyasi əməkdaşlıqlar varsa, Azərbaycanın tam haqqıdır ki, o da Türkiyə ilə münasibətlərini bu əsasda qursun və təkcə mənəvi, siyasi qardaşlığa deyil, eyni zamanda, hüquqi əsaslara dayanaraq birgə hərəkət eləmiş olsun. Düşünürəm ki, Prezident Administrasiyasının mühüm təmsilçisi Əli Həsənov da ölkələrimiz arasında hərbi-strateji əməkdaşlığa toxunarkən məhz bunu nəzərdə tutmuşdur. Ona görə bu səfər qarşıdakı dövrdə məhz...
Sədrlik edən. Sağ olun. Əli Əhmədov buyursun.
Ə.Əhmədov. Təşəkkür edirəm, hörmətli Sədr. Açığı, mən də başqa bir məsələ ilə əlaqədar fikrimi bölüşmək istəyirdim. Ancaq Azərbaycanda son vaxtlar yağıntının çox olması ilə əlaqədar yaranmış vəziyyətdən Azərbaycan müxalifətinin istifadə etmək cəhdləri ilə bağlı buradan səsləndirilən fikirlər məni buna öz münasibətimi bildirməyə vadar elədi. Təəssüf hissi ilə qeyd eləmək lazımdır ki, son vaxtlar təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində bu cür təbii fəlakətlər baş verib və bir sıra yerlərdə insan tələfatı ilə də nəticələnibdir. Burada bir ölkənin adını çəkdilər, amma başqa ölkələrdə bundan da böyük faciələr baş veribdir. Təəssüf ki, hələ təbii fəlakətlərin qarşısının tamamilə alınması üçün mexanizmlər hazırlanmayıbdır. İnsanlar da, cəmiyyətlər də, dövlətlər də bir sıra hallarda çox ciddi təbii fəlakətlərin qarşısını almaqda aciz olurlar. Bəlkə də elə bir zaman gəlib çıxacaq ki, bunun qarşısını almaq mümkün olacaq. Amma hələlik dünyanın heç bir yerində, heç bir ölkədə bunun qarşısını almaq mümkün olmayıb.
Azərbaycanda bu daşqınlarla əlaqədar yaranmış fəlakətin qarşısının alınmasından və onun doğurduğu çətinliklərin azaldılmasından ötrü hökumətin göstərdiyi səyləri, Prezidentin rəhbərliyi altında və təşəbbüsü ilə keçirilən tədbirləri qiymətləndirməmək, mən belə hesab edirəm ki, ən azından vicdansızlıq olardı. Operativ şəkildə Azərbaycanın Prezidenti baş vermiş fəlakətlə əlaqədar müşavirə keçirtdi. Məsələ ciddi şəkildə müzakirəyə çıxarıldı, müzakirələr nəticəsində müvafiq tapşırıqlar verildi. Daşqınların baş verdiyi bütün rayonlarda bu tapşırıqların icrası ilə əlaqədar müvafiq işlər görülür. Qeyd etmək lazımdır ki, insanların fədakarlığı sayəsində bu daşqınların çox ciddi fəlakətlərə səbəb olmasına imkan verilmədi. Bunun qarşısı alındı. Bu günün özündə də fəlakət zonasında insanların təhlükəsizliyinin, məişət şəraitinin təmin edilməsi üçün hökumət, müvafiq qurumlar və nazirliklər tərəfindən lazımi işlər görülür. Bunu görməmək, qiymətləndirməmək mümkün  deyil. Sadəcə olaraq, təbii fəlakətin miqyasının genişliyi problemləri qarşımıza bir az geniş şəkildə qoyubdur. Amma Azərbaycan hökuməti, Azərbaycanın Prezidenti bunların hamısını nəzarətdə saxlayır və bu təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün zəruri olan bütün tədbirlər görülür.
Təəssüf hissi ilə qeyd eləmək lazımdır ki, Azərbaycan müxalifəti həmişə bu cür hallardan faydalanmağa çalışıbdır. Elə ona görə də Azərbaycanda insanlar bu müxalifətə etimadı, inamı itiriblər. İnsan faciəsindən, təbii fəlakətdən faydalanmağa çalışanların insanlar arasında hörməti olmaz.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr.  Doğrusu, Azərbaycan müxalifətinin təbii fəlakətdən siyasi qazanc əldə etməyə cəhd edəcəyini hamımız proqnozlaşdıra bilərdik. Birinci dəfə deyil ki, Azərbaycan müxalifəti ölkədə baş verən bu və ya digər hadisədən siyasi qazanc məqsədi ilə istifadə edir. Ölkədə hansısa bir hadisə baş verirsə, xüsusilə ölkəmizin milli maraqlarına zidd olan bir hərəkətə yol verilirsə, müxalifət dərhal öz mətbuatında bunu şişirdir və bundan bir təbliğat imkanı kimi istifadə eləməyə cəhd göstərir.
Kür çayında daşqın birinci dəfə deyil. Kür çayında, Araz çayında daşqınlar əvvəllər də olubdur. Təbiətin şıltaqlığı həmişə olubdur və gələcəkdə də olacaqdır. Kür çayında baş verən daşqınların qarşısını almaq üçün zamanında müxtəlif tədbirlər görülübdür. Xüsusilə son illərdə Kür çayında bununla əlaqədar müvafiq tədbirlər görülüb, xüsusi bəndlər salınıb və sair. Son 4 il ərzində mən bir dəfə də görmədim ki, burada hansısa bir deputat Kür çayı ətrafında bəndlərin zəif salınması və yaxud bənd tikintisi ilə əlaqədar hansısa prosesin düzgün getmədiyi haqqında məsələ qaldırmış olsun. Bu proses gedibdir, bəndlər tikilibdir və sairə. Mütəxəssislərin fikirləri mətbuatda dərc olunur, televiziya vasitəsilə işıqlandırılır. Bunları təkrar etməyə ehtiyac yoxdur. Hamı bir nəfər kimi bildirir ki, builki daşqınlar əvvəlki illərlə müqayisədə çox geniş xarakter alıbdır, buna görə də bəzi bəndtikmə əməliyyatlarının həyata keçirilməsinə baxmayaraq, suyun qarşısını almaq mümkün olmayıbdır.
Amma cənab Prezidentin rəhbərliyi ilə müşavirə keçirilib, müvafiq tədbirlər görülüb və görülməkdə davam edir. İndiki şəraitdə vətəndaş olaraq, millət vəkili olaraq, Məclis olaraq nə etmək lazımdırsa, biz edirik. Ona görə də bunu xüsusi şişirtmək, siyasiləşdirmək, hətta məxsusi olaraq əlahiddə bir rayona aid etmək yersizdir. Su yalnız Sabirabadı basmayıbdır, daşqınlar Salyanda da, digər yerlərdə də olubdur. Haranı su basıb, harada fəlakət baş veribsə, orada olan vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti, müvafiq nazirliklər lazımi tədbirlər görübdür. Şükürlər olsun ki, bizdə insan tələfatı olmayıbdır. Mal itkisi vardır, amma can itkisi yoxdur. Buna biz şükür etməliyik.
Mən yenə çox təəssüf edirəm ki, fəlakətdən siyasi məqsədlər üçün istifadə edilməyə cəhd edilir. Bu, biabırçı haldır və buna son qoyulmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Cari məsələlər üçün ayrılmış yarım saat vaxt qurtardı. Gündəliyə keçirik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Daşqınların olduğu bütün rayonlarda iş gedir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə. O rayonlardan olan bütün millət vəkilləri çıxış etsələr, müzakirə yarım saat da davam edəcək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bu, idman zalı deyil ki... Ona da səs ver, buna da səs ver...  Dedim ki, gündəliyə başlayırıq. Gündəliyin birinci məsələsi. Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.  Buyursun Əli Hüseynov.
Ə.Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Bu layihə Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrində müzakirə olunub. Əvvəlki müzakirələrdən məlum olduğu kimi, layihənin mahiyyətinin əsas hissəsi, demək olar ki, fərdi məlumatların subyektinin hüquqlarının müdafiəsinə yönəlmişdir. Fərdi məlumatların qorunması, mühafizəsi insan hüquqlarının əsas tərkib hissələrindən biridir. Bu səbəbdən də qanun layihəsində konfidensiallığın qorunması ilə bağlı balans təmin olunmuşdur. Qanun layihəsində nizamlanan əsas məsələlər, eyni zamanda, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə də xidmət edir.
Prosesin məntiqi davamı olaraq layihədə bir sıra məsələlər ciddi öyrənilmiş və üçüncü oxunuşda sizin müzakirənizə təqdim olunmuşdur. Qanun layihəsi üçüncü oxunuşa hazırlanarkən, həm birinci, həm də ikinci oxunuşlarda millət vəkilləri tərəfindən irəli sürülən irad və təkliflər bir daha nəzərdən keçirilmişdir. Layihəyə edilmiş dəyişikliklərin bir neçəsi hüquqi, digərləri isə texniki və dil-üslub baxımından edilmiş  düzəlişlərdən ibarətdir.
Hörmətli millət vəkilləri, layihəyə edilmiş dəyişikliklərə müxtəsər nəzər salsaq, görərik ki, əsasən, 5.3, 8.2, 9.3 və 10.2-ci maddələrə dil və üslub baxımından dəyişikliklər edilmişdir.
2.1.10-cu maddə ilə bağlı hörmətli İlyas müəllimin bir  təklifi olmuşdur. Söhbət fərdi məlumatların operatorunun, eyni zamanda, fərdi məlumatların mülkiyyətçisi ola bilməməsindən gedirdi. Bu məsələni biz xüsusi olaraq qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etdik. Razılıq əldə olunmadı və izah edildi ki, belə hallar mümkündür. Misal da çəkildi ki, mühafizə şirkətləri həm mülkiyyətçidir, həm də operator qismində çıxış edə bilir.
Layihənin 13.2.2-ci maddəsi əvvəlki formada dolğun olmadığından qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılaraq yenidən işlənmiş və daha təkmil formaya salınmışdır. Yuxarıda qeyd edilən dil və üslub dəyişikliklərinə əlavə olaraq layihənin mətnindəki bir sıra sözlər yeniləri ilə əvəz olunmuşdur. Bütövlükdə qeyd etmək lazımdır ki, əvvəlki oxunuşlar zamanı səslənmiş iradlar heç də layihənin əhəmiyyətini azaltmamış, – millət vəkilləri iradlar bildirsələr də, bütövlükdə Fərdi məlumatlar haqqında qanunun əhəmiyyətini xüsusi vurğulamışlar, – əksinə, qanun layihəsinin üçüncü oxunuş üçün daha təkmil formaya salınmasına kömək etmişdir. Bütün dəyişikliklər qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılmışdır və hesab edirəm ki, qanun üçüncü oxunuşda qəbul  edilə bilər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, üçüncü oxunuşdur. Ziyad müəllim, əlavəniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf   0
Səs vermədi  2   
İştirak edir  99  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanun layihəsidir. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında  Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkilləri tərəfindən irəli sürülmüş təkliflər Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq struktur bölmələrinin təmsil olunduqları işçi qrupunda ayrı-ayrılıqda nəzərdən keçirilmiş, İqtisadi siyasət və Sosial siyasət komitələrində müzakirə edilmişdir. Bundan əlavə, respublika miqyasında keçirilmiş seminarda deyilən təkliflər də bir daha nəzərdən keçirilmişdir. Birinci və ikinci oxunuşlarda millət vəkilləri tərəfindən irəli sürülmüş təkliflər əsasında edilmiş müəyyən düzəlişlərlə bağlı Prezident Administrasiyası ilə də müvafiq müzakirələr aparılmışdır. Həmin təkliflər maksimum nəzərə alınmaqla layihənin razılaşdırılmış versiyası üçüncü oxunuş üçün Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur.
Hesab edirəm ki, millət vəkillərinin müzakirəsinə verilən qanun layihəsi tələblərə cavab verir və belə bir qanun layihəsinin qəbul olunması bütövlükdə Azərbaycan cəmiyyətində yeni bir istiqamətin formalaşması üçün əsas yaradacaqdır. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanun bütövlükdə Azərbaycanda sosial müdafiənin, iqtisadi proseslərin tənzimlənməsi üçün güclü bir mənbə olacaqdır. Ona görə millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə üçüncü oxunuşda müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.43 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf   0
Səs vermədi  0   
İştirak edir  98  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəlikdəki üçüncü məsələ Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında qanun layihəsidir. Siyavuş Novruzov buyursun.
S.Novruzov, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən qanunu təqdim etməzdən qabaq bir məsələyə toxunmaq istəyirəm. “Sülh, ədalət, haqq” həmişə ümummilli liderimizin əsas devizi, əsas fəaliyyəti olubdur. Dünən biz ümummilli liderimizin ad gününü qeyd elədik. Mən hesab edirəm ki, Azərbaycan xalqının çox böyük bir bayramı idi. Müstəqil Azərbaycanın yaradıcısı, qurucusu və inkişafına bilavasitə rəhbərlik edən, – bu gün də Prezidentimiz bu siyasəti çox geniş şəkildə davam etdirir, – Heydər Əliyevin ad günü elə sülhməramlı bir əməliyyatdır. Sülh Heydər Əliyevin əsas prizmasıdır. Heydər Əliyev BMT-dən tutmuş bütün beynəlxalq təşkilatların tribunalarında sülhün, insanlığın, ədalətin, haqqın tərəfdarı olduğunu dönə-dönə bəyan edib.
Mən istəyirdim, qanunun təqdimatında detallarla deyim ki, üçüncü oxunuşa harada nə düzəlib, necə olub. Bir məsələni qeyd eləmək istəyirəm. Srağagün Qırmızı meydanda hərbi parad keçirildi və Azərbaycanın sülhməramlıları birinci keçdi. Bunun özü sülhməramlılarımızın fəaliyyətinin göstəricisi idi. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin fəxarəti idi. Bu, Azərbaycan Respublikası Prezidentinin orduya göstərdiyi diqqətin nəticəsi idi. Ona görə də hörmətli həmkarlar, mən qanun layihəsini üçüncü oxunuşa təqdim eləməyə ehtiyac duymuram və xahiş edirəm ki, buna elə üçüncü oxunuşda səs verək. Sağ olun.
Sədrlik edən. İsa  Həbibbəyli bu barədə nə isə demək istəyir. Buyurun.
İ.Həbibbəyli. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, Azərbaycan Respublikasında sülhməramlı əməliyyatların müəyyən aspektləri artıq tətbiq olunur. Eyni zamanda, Azərbaycan Respublikasının özü də sülhməramlı əməliyyatlarda iştirak edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət bizi böyük sülh sazişinin yaxınlaşmasına hazırlayır ki, o zaman Azərbaycanda sülhməramlı qüvvələr xüsusi aktuallıq kəsb edəcəkdir. Bu ərəfədə sülhməramlı əməliyyatlarda  Azərbaycan Respublikasının iştirakına dair qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması son dərəcə böyük əhəmiyyətə malikdir, xüsusi aktuallığı ilə seçilən bir məsələdir. Mən hesab edirəm ki, bu qanun layihəsinin müzakirəyə çıxarılması gələcəkdə Azərbaycanda sülhməramlı qüvvələrin fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsinə çox yaxından kömək edə biləcəkdir.
Bununla belə, bir-iki məqama da diqqət yetirmək istəyirəm. Qanun layihəsinin 3.0.1-ci maddəsində “münaqişələrə müdaxilə” ifadəsi işlədilmişdir ki, sülhməramlı fəaliyyət və “müdaxilə” anlayışı bir-biri ilə uyğun gəlmir. Ona görə bu ifadənin “münaqişələrə müdaxilə” əvəzinə “münaqişələrin tənzimlənməsi” şəklində işlədilməsini vacib sayıram.
Eyni zamanda, qanun layihəsinin 7.5-ci maddəsində hərbi xidmət müddətinin hesablanmasının xüsusi qaydalarının müəyyən edilməsi zərurətindən danışılır. Amma bu xüsusi qaydaların nədən ibarət olacağına dair istiqamətverici, açarverici ifadələr işlədilmir. Elə bilirəm, bunlar da əlavə olunsa, qanun layihəsi daha təkmil ola bilər.
Bir məsələni demək istəyirəm. 4 il ərzində müşahidə etdiyim cəhət bundan ibarət oldu ki, qanun layihəsi təqdim etmək baxımından daha çox komitə üzvləri fəallıq göstərdilər. Xüsusi qanun layihəsi ilə Milli Məclisdə çıxış edən sərbəst deputatlar barmaqla sayacaq qədər az oldu. Bu gün Siyavuş Novruzovun ayrıca bir qanun layihəsini Milli Məclisə təqdim etməsi digər deputatlarımızı da qanun yaradıcılığı baxımından təşəbbüskar olmağa istiqamətləndirən məsələdir. Həm də bu qanun layihəsi ilə Siyavuş Novruzovun özünün xarakterində bir yaxınlıq vardır. Siyavuş Novruzov  hərbi-siyasi məsələlər olmasa da, ictimai-siyasi məsələlərə fəal müdaxilə edən, çıxış yollarını göstərən və məhz sülhməramlı qərarların qəbul olunması ilə nəticələnən təkliflərin müəllifidir. Onun xarakteri ilə müəllifi olduğu qanun layihəsi bütöv halda bir-birini tamamlayır. Mən Siyavuş Novruzovu təbrik edirəm. Bu qanunun Azərbaycan üçün faydalı olduğunu nəzərə alıb millət vəkillərini ona səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Verdiyiniz təklif ikinci oxunuşa aid idi, bu, üçüncü oxunuşdur. Bir də, təkcə Siyavuş Novruzov deyil, hər hansı millət vəkili gündəliyə aid qanun layihəsi təqdim etmək imkanına malikdir və qanun layihələri təqdim edirlər. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə  104
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0   
İştirak edir  104 
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında qanun layihəsidir. Buyursun Musa Quliyev.
M.Quliyev, Milli Məclisin Sosial siyasət komitəsi sədrinin  müavini.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2010-cu il fevralın 23-də Milli Məclisin iclasında  İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə edilmiş və qəbul olunmuşdur. Müzakirə zamanı hörmətli millət vəkilləri Rafiq Məmmədhəsənov, Jalə Əliyeva, Valeh Ələsgərov, Astan Şahverdiyev, Hikmət Atayev, Gövhər Baxşəliyeva və Əli Hüseynov çıxış edərək layihənin ayrı-ayrı müddəaları haqqında dəyərli təkliflərini vermiş, tənqidi fikirlərini söyləmişlər. Söylənilən fikirlər həm işçi qrupunda, həm də komitədə qanun layihəsi üzərində üçüncü oxunuşa hazırlıq işləri aparılarkən diqqətlə öyrənilmiş və mümkün olanlar üçüncü oxunuşda nəzərə alınmışdır.
Qeyd etmək istəyirəm ki, Milli Məclis Sədrinin müavini hörmətli Valeh Ələsgərovun təklifləri çox diqqətlə öyrənilmişdir. Hörmətli Valeh müəllim öz çıxışında qeyd etmişdi ki, qanun layihəsində qeyd olunan “HIV” və “AIDS” abreviaturaları Azərbaycan dilində yazılsın. Bu təklif olduqca doğru bir təklif hesab olunmuş və həm qanunun adında, həm də mətnində abreviatura dəyişilmiş, insanın immunçatışmazlığı virusu “İİV” və qazanılmış immunçatışmazlığı sindromu “QİÇS”  şəklində verilmişdir.
Hörmətli komitə sədri Əli Hüseynovun təklifi ilə HIV-in 4-cü klinik mərhələsində yanaşı xəstəliklərin inkişafı nəticəsində terminal vəziyyətdə olan şəxslərin cəzaçəkmə müəssisələrindən azad oluna bilməsini nəzərdə tutan 22.2-ci maddə layihədən çıxarılmışdır. Doğrudan da, Cəzaların İcrası Məcəlləsində bu məsələlər ətraflı şəkildə öz əksini tapmışdır və bu layihədə həmin məsələnin təkrar olunmasına ehtiyac yox idi.
Həm ikinci oxunuşda, həm də birinci oxunuşda ən geniş müzakirə olunan məsələ  insanın immunçatışmazlığı infeksiyasının profilaktikası məqsədi ilə dövlət və ictimai teleradio yayımçıları tərəfindən məlumatlandırıcı verilişlərin verilməsinin müddəti ilə bağlı idi. Bir daha vurğulamaq istəyirəm ki, layihədə bu tipli verilişlərin yayımına yuxarı hədd qoyulmayıb, yalnız aşağı hədd qoyulubdur. Hər bir yayımçı istədiyi qədər müddət ayıra bilər. Bu 20 dəqiqəlik müddət isə yalnız aşağı həddi göstərir ki, yəni bundan az ola bilməz. Bundan çox müddət isə proqram tərtib edən yayımçıların öz ixtiyarına verilir.
Digər bir məsələ ilə bağlı da hörmətli millət vəkillərinə izahat vermək istəyirəm. Həm ikinci oxunuşda, həm də birinci oxunuşda mütləq tibbi müayinənin İİV-ə görə aparılmasının nə olması və bunun mənasının nə kəsb etməsi barədə suallar ortalığa çıxmışdı. Mən onu bir daha vurğulamaq istəyirəm ki, mütləq tibbi müayinə, əslində, könüllü tibbi müayinənin tərkib hissəsidir. Lakin elə peşələr, elə vəzifələr vardır ki, orada çalışan insanlar onlarda insanın immunçatışmazlığı virusunun olub-olmamasına görə mütləq müayinə olunmalıdırlar. Məsələn, cərrahlar, həkim-ginekoloqlar, stomatoloqlar, yaxud da insanın qanı ilə təmasda ola biləcək sahələrdə çalışan digər mütəxəssislər bura aiddirlər. Eyni zamanda, qan və toxuma donorları da mütləq tibbi müayinədən keçməlidirlər. Əgər belə müayinədən keçmirlərsə, həmin adamlar, təbii ki, o vəzifələrdə işləyə bilməzlər, qan və toxuma donorları ola bilməzlər.
Hörmətli Jalə xanım 8-ci maddənin birinci bəndi ilə bağlı sual vermişdi ki, mütləq tibbi müayinədən keçəcək vəzifələrin və peşələrin siyahısı varmı? Belə bir siyahı yoxdur. Təbii ki, bu qanun qəbul olunandan sonra həmin siyahı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunacaqdır. Hörmətli millət vəkillərindən xahiş edirəm ki, söylənilənləri nəzərə alsınlar və qanun layihəsinə üçüncü oxunuşda səs versinlər. Təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova  sədrlik edir

Sədrlik edən. Başqa təklifi olan yoxdursa, səsverməyə qoyuruq. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 12.55 dəq.)
Lehinə  97
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0   
İştirak edir  98  
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
5-ci məsələ Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, buyurun.
Ə.Hüseynov. Çox sağ olun, hörmətli Bahar xanım. Bu konvensiya, qeyd olunduğu kimi, 2005-ci ildə imzalanıb. Bizim üçün, əslində, çox mütərəqqi hal ondan ibarətdir ki, baxmayaraq, konvensiyaya indi qoşuluruq, amma konvensiyadan irəli gələn bir çox öhdəlikləri artıq yerinə yetirmişik. Bilirsiniz ki, bu gün bu sahədə xüsusi bir qanun var. Hər il insan alverinə qarşı mübarizə ilə bağlı parlamentdə dinləmə olur, daxili işlər nazirinin müavini hesabat verir. Yəni Azərbaycan konvensiyadan irəli gələn bütün milli öhdəlikləri əsas etibarilə yerinə yetirir. Sözsüz ki, bu konvensiya çox əhəmiyyətlidir. Eyni zamanda, konvensiya Avropa Şurasının indiyə qədər mövcud olmuş bir sıra tövsiyələrini, xüsusən də Avropada qadınlara qarşı zorakılıq hallarına, qadın alverinə qarşı kampaniyaya dair 2002-ci il tövsiyələrini özündə əks etdirib.
Hər zaman Azərbaycan Avropa Şurası ilə bağlı qoşulduğu konvensiyalara dair xüsusi bəyanatlar verir. Bu konvensiyada da əvvəlkilərə oxşar iki bəyanat var. Birincisi, Azərbaycan Respublikası bəyan edir ki, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində bu konvensiyanın müddəalarının həyata keçirilməsinə təminat vermir, bunun iqtidarında deyil. İkincisi, qeyd olunur ki, bu konvensiyanın müddəalarından irəli gələn hüquq və vəzifələr Ermənistana münasibətdə tətbiq edilməyəcək.
Hər zaman söyləmişik, bir daha demək istəyirəm ki, bu bəyanatların, əslində, daha çox siyasi-hüquqi əhəmiyyəti var. Konvensiya imzalanarkən ora həm də Azərbaycanın xəritəsi əlavə olunur, işğal olunmuş ərazi əlavə olunur. Azərbaycan tərəfi bir daha Avropa Şurasına bəyan etmiş olur ki, torpaqlar işğal olunduğuna görə Dağlıq Qarabağda bu konvensiyanın müddəalarını tətbiq etmək iqtidarında deyil. Bütövlükdə isə hesab edirəm, konvensiya əhəmiyyətlidir, amma bir daha bildirirəm, biz konvensiyadan irəli gələn bir çox məsələləri artıq milli qanunvericilikdə, praktikada əks etdirmişik. Düşünürəm ki, bizim qarşımızda duran yeganə və vacib məsələ məişət zorakılığı haqqında qanunun qəbul olunmasıdır. Parlament rəhbərliyi bilir ki, hazırda komitəmizdə bununla bağlı işlər gedir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Biz bilirik ki, Siz bu işi axıra qədər aparacaqsınız və o qanun da parlamentdə qəbul olunacaq. Qanun layihəsi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində də müzakirə olunub. Səməd Seyidov buyursun.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Bahar xanım. Əli müəllim qanun layihəsi haqqında çox gözəl və ətraflı danışdı. Doğrudan da, komitəmizdə bu məsələyə baxarkən bir daha şahidi olduq ki, buradakı əksər bəndlər Azərbaycan qanunvericiliyində öz əksini tapmışdır. Ümumiyyətlə, Azərbaycanın bu istiqamətdə fəaliyyəti Avropa Şurasında çox yüksək səviyyədə dəyərləndirilir və qiymətləndirilir. Mən qeyd etmək istəyirəm ki, bu istiqamətdə Azərbaycanın gördüyü işlər Avropa Şurasının üzvü olan digər ölkələr üçün nümunəvi xarakter daşıyır. Həm qanun layihələrini təhlil edirlər, həm də burada görülən tədbirləri çox yüksək qiymətləndirirlər. İndi Əli müəllim qeyd etdi, biz gələcəkdə məişət zorakılığı ilə bağlı Azərbaycanda aparılan işləri müzakirə edəcəyik. Qadın və kişi münasibətləri və sair məsələlərlə bağlı görülən işlər Avropa Şurasında yüksək səviyyədə qiymətləndirilir, qəbul olunur. Bu konvensiyaya burada göstərilən qeyd-şərtlə bir yerdə qoşulmaq Azərbaycan üçün çox vacib və əhəmiyyətlidir. Biz komitəmizdə bu sənədə müsbət münasibət bildirmişik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Başqa fikri, təklifi olan yoxdursa, səsə qoyuruq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.00 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf   0
Səs vermədi  0   
İştirak edir  92  
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin 6-cı məsələsi Beynəlxalq Əmək Təşkilatının “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasına qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyev, buyurun.
M.Quliyev. Çox sağ olun, hörmətli Bahar xanım. Qeyd olunan konvensiya Beynəlxalq Əmək Təşkilatı tərəfindən 1981-ci ilin 23 iyununda Cenevrə şəhərində qəbul olunmuşdur. Ölkəmizin bu konvensiyaya qoşulması və onun ratifikasiya edilməsi barədə cənab Prezident Milli Məclisə qanun layihəsi göndərmişdir. Konvensiyanın əsas məqsədi işçi qadın və kişilərin, ailə öhdəliyi olan qadın və kişilərin əmək hüquqlarının müdafiəsi, iş yerləri tərəfindən onlara ailə öhdəliklərini layiqincə yerinə yetirilməsi üçün şəraitin və imkanların yaradılmasından ibarətdir. Konvensiyanın təsdiq olunması imkan verəcəkdir ki, ölkəmizdə ailə öhdəliyi olan işçilərin hüquqlarının daha keyfiyyətli qorunması sistemi qurulsun və bu baxımdan mövcud qanunvericilik aktları bir daha nəzərdən keçirilsin.
Konvensiya preambuladan və 19 maddədən ibarətdir. Konvensiyaya görə ailə öhdəlikləri dedikdə himayəsində olan uşaqlarla, eləcə də qulluğa və köməyə, həqiqətən, ehtiyacı olan ailə üzvlərinə baxmaqla bağlı öhdəliklər və həmin işçilərin iş, əmək şəraitlərinin tənzimlənməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, konvensiya üzv ölkəyə həvalə edir ki, “himayədə olan uşaq” və “qulluğa və ya köməyə, həqiqətən, ehtiyacı olan digər yaxın ailə üzvü” terminlərini müəyyən etsin və milli qanunvericilik səlahiyyətində bu məsələləri həll etsin. Bu konvensiyanın 14-cü maddəsinə görə üzv dövlətlər konvensiyaya qoşulduqdan yalnız 10 il sonra onu ləğv edə bilərlər. Qeyd olunanları nəzərə alaraq sizi konvensiyaya qoşulmaq haqqında qanuna səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Musa müəllim. Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, Bahar xanım. Doğrudan da, Musa müəllim məsələni çox ətraflı izah etdi. Bu konvensiyanın vacib olan məqamlarından biri ondan ibarətdir ki, biz beynəlxalq davranış normalarını Azərbaycana gətirərək Azərbaycanda olan davranış normalarını, qadın-kişi münasibətlərini beynəlxalq səviyyəyə qaldırırıq. Yəni artıq Azərbaycanda qəbul olunmuş qadın-kişi münasibətləri, ailədə mövcud olan kateqoriyalar beynəlxalq qanun çərçivəsinə daxil edilir. Bu çox vacib olan bir məsələdir. Azərbaycan dəyərlərinin dünya standartlarına yüksəlməsi və dünya standartlarının Azərbaycan dəyərləri kimi Azərbaycana gətirilməsi bu konvensiya vasitəsilə həyata keçirilir. Ona görə biz komitənin iclasında bu konvensiyaya çox yüksək qiymət vermişik və sizi buna səs verməyə çağırırıq. Sağ olun.
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.04 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  3   
İştirak edir  97  
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin növbəti məsələsi Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında” 1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılması haqqında” 183 nömrəli Konvensiyasına qoşulmaq barəsində Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Musa müəllim, buyurun.
M.Quliyev. Çox sağ olun, hörmətli Bahar xanım. Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında” 1952-ci il tarixli Konvensiyası 2000-ci il iyunun 15-də yenidən qəbul olunmuş, daha da genişləndirilmiş, anaların həm iş hüquqlarının, həm də uşaqlarının və özlərinin sağlamlığı ilə bağlı imkanlarının genişləndirilməsinə xidmət edən yeni müddəalarla zənginləşdirilmişdir. Həmin konvensiyaya Azərbaycanın da qoşulması zərurəti vardır və cənab Prezident bu məqsədlə bu qanun layihəsini Milli Məclisə tövsiyə etmişdir.
Konvensiya preambuladan və 21 maddədən ibarətdir. Konvensiyanın müddəaları yalnız muzdla  işləyən qadınlara deyil, bütövlükdə ictimai əmək formaları ilə məşğul olan qadınlara da şamil olunur. Konvensiya qadınların və uşaqların sağlamlığının  mühafizəsi məqsədi ilə onların işləyə bilməyəcəyi iş yerlərinin müəyyən edilməsini üzv dövlətlərin səlahiyyətinə aid etmişdir.
Konvensiya hamiləliyə və doğuşa görə məzuniyyətlə bağlı müavinətlərin də minimal standartlarını müəyyən etmişdir. Üzv dövlətlərə hamiləliyə və doğuşa görə məzuniyyətlərin 14 həftədən az olmaması tövsiyə edilir ki, Azərbaycanın Əmək Məcəlləsində bu məsələ daha yüksək standartlarla öz əksini tapmışdır. Hazırda Azərbaycanda bu, 18  həftədən az deyildir.
Konvensiya xəstəlik və ağırlaşma halında məzuniyyətlərin verilməsi, müavinətlərin ödənilməsi, iş yerinin saxlanılması və bu sahədə ayrı-seçkiliyə yol verilməməsi məsələsini də özündə ehtiva edir. Konvensiya sağlamlığın mühafizəsi, hamiləliyə və doğuşa görə məzuniyyət verilməsi, xəstəlik və ya ağırlaşma hallarında məzuniyyətin müddətinin artırılması, müavinətlərin minimum məbləğləri, iş yerlərinin saxlanılması, süd əmizdirən analara verilən güzəştlərin və imtiyazların hüdudlarının müəyyən edilməsi müddəalarını da özündə əks etdirir. Hesab edirik ki, bu konvensiyanın ratifikasiyası ölkəmizdə analığın mühafizəsi istiqamətində işləri daha da sürətləndirəcək və təkmilləşdirəcəkdir. Sizi bu qanun layihəsinə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Musa müəllim. Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, Bahar xanım. Hesab edirəm ki, bu, ən vacib, ən əhəmiyyətli konvensiyalardan biridir. Bu, Azərbaycanımızın qadına ən yüksək səviyyədə, dünya standartlarında münasibətin formalaşması istiqamətində ən vacib addımlardan biri kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, dövlətin gücü qadına, zəifə münasibətdə formalaşır. Bu gün bu konvensiyanı qəbul etməyimiz dövlətimizin gücünü, apardığı siyasəti və dünya standartlarına ən yüksək səviyyədə cavab verməyimizi göstərir. Ona görə komitəmiz bu konvensiyaların ratifikasiya olunmasının tam tərəfdarıdır. Mən sizdən xahiş edirəm ki, bu fikri təsdiqləyəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. İsa müəllim çıxışa yazılıb. Buyurun.
İ.Həbibbəyli. Komitənin verdiyi dolğun məlumatı diqqətlə dinlədim. Şübhəsiz ki, konvensiyaya qoşulmaq haqqında qanun layihəsinin  qəbul olunmasına səs verəcəyəm. Amma verilən məlumatdan belə aydın oldu ki, burada Azərbaycan dilində olan “analıq”dan yox, ümumiyyətlə, anadan söhbət gedir. Tərcümədə biz bunu “analığın mühafizəsi haqqında” kimi qəbul etmişik. “Analıq” sözü bizdə “ögey ana” mənasını bildirir. Düşünürəm ki, bu, “ananın mühafizəsi” adlansa, Azərbaycan dilinin qanunlarına daha uyğun ola bilər. Mən “ana” şəklində ifadə olunmasını məqsədəuyğun hesab edirəm. Qanun çox əhəmiyyətlidir, mən ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. İsa müəllim, Sizin dediyinizdə müəyyən qədər həqiqət var, amma Azərbaycan dilini yaxşı bilən insanlar bilirlər ki, bizdə “analıq” sözü iki mənada işlənir. Həm Siz deyən mənada işlənir, həm də, ümumiyyətlə, ana və onunla bağlı tibbi, sosial və digər məsələləri əhatə edir. Bu çox geniş bir mənanı ehtiva edir. Ona görə düşünürəm ki, elə “analıq” sözü qalmalıdır. Rus dilində də belə bir söz var: “материнство”. Bu elə həmin “analıq” sözüdür. Yəni ögey ana deyil, istənilən halda anadır. Başqa çıxış edən yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.10 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1   
İştirak edir  98   
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin 8-ci məsələsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə və dəyişiklik edilməsi barədə   Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə buyursun.
A.Mirzəzadə, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini.
Təşəkkür edirəm, Bahar xanım. Azərbaycan Respublikasının Prezidenti qanunvericilik təşəbbüsü ilə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə qanun layihəsi ilə müraciət edib. Həmin qanun layihəsində qanunun 121-ci maddəsinə ikinci hissənin əlavə olunması təklif edilir. Əlavə edilən ikinci hissədə bildirilir: “Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulardan başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə  ödənilir”.
Qanun layihəsi komitəmizin 22 aprel tarixli iclasında müzakirə edilib. 9 leyinə, 1 bitərəf olmaqla Milli Məclisə tövsiyə edilib. Qeyd edim ki, bu layihə ikinci variantdadır. Yəni birinci variantda qanuna və əsasnaməyə əlavə və dəyişiklik edilməsi nəzərdə tutulurdu. Eyni zamanda, 121-ci maddədə ikinci cümlənin çıxarılması təklif edilirdi. Komitənin iclasında bu qanun layihəsi müzakirə edilərkən çıxarılacaq cümlə ilə bağlı müzakirələr aparıldı. Bu məsələ ilə bağlı qanunvericilik təşəbbüsü subyektinə müraciət edildi. Qanunvericilik təşəbbüsü subyekti həmin cümlənin çıxarılmasından imtina etdi və ikinci cümlə olduğu kimi 121-ci maddədə qalır. Buna görə də sizə təklif edilən “qanunda əlavə və dəyişikliklər edilməsi” deyil, “əlavə edilməsi” sözləri var və bu  variant ilə Milli Məclisin müzakirəsinə verilir. Sağ olun.
Sədrlik edən. Çıxış edən yoxdursa, Aydın müəllimin qeyd etdiyi həmin əlavə səsə qoyulur. Münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.13 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf   0
Səs vermədi  0   
İştirak edir  93  
Nəticə: qəbul edildi

Qəbul olundu.
Gündəliyin 9-cu məsələsi “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikası  Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Əli Hüseynov, buyurun.
Ə.Hüseynov. Sağ olun, hörmətli Bahar xanım. Artıq Sizin də qeyd etdiyiniz kimi, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik “Rəsmi statistika haqqında” Qanuna edilmiş əlavə və dəyişiklikdən irəli gəlir. Dəyişiklik texniki xarakter daşıyır. İnzibati Xətalar Məcəlləsinin 191-ci maddəsində statistikanın yayılmasına görə məsuliyyət nəzərdə tutulur. Burada həm fiziki, həm də hüquqi şəxslərdən söhbət gedir. Amma öncə qeyd olunmuş qanunda hüquqi şəxslərin nümayəndəlik və filialları da nəzərdə tutulduğuna görə İnzibati Xətalar Məcəlləsinə də “(həmin hüquqi şəxslərin  nümayəndəlikləri və filialları)” sözləri əlavə olunur. Hesab edirəm ki, səs verib qəbul etmək lazımdır.
Sədrlik edən. Mən də hesab edirəm ki, texniki dəyişiklikdir, bununla bağlı müzakirə açmağa ehtiyac yoxdur. Səsə qoyulur.

Səsvermənin nəticələri  (saat 13.15 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0   
İştirak edir  100  
Nəticə: qəbul edildi

Qəbul olundu.
Gündəliyin 10-cu məsələsi Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli  930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  haqqındadır. Əli Hüseynov, buyurun.
Ə.Hüseynov. Çox sağ olun. Hörmətli həmkarlarıma məlumdur ki, hər bir müstəqil dövlət üçün onun miqrasiya xidmətinin, müstəqil bir miqrasiya qurumunun olması vacibdir. Bu zərurəti nəzərə alaraq cənab Prezident  tərəfindən Nazirlər Kabineti yanında xüsusi miqrasiya xidməti yaradılıb. Azərbaycan üçün belə bir xidmətin yaradılması və fəaliyyəti də vacibdir.  Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edən ölkədir. Bu baxımdan buraya əmək miqrantlarının axını da çoxdur. Amma eyni zamanda, geopolitik vəziyyətimiz elədir ki, bəzən bir sıra müəyyən və digər səbəblərdən ölkəyə miqrant axını baş verir. Bu xidmət yaradılıb, çox da yaxşı fəaliyyət göstərir.
Qeyd etdiyiniz kimi, Bahar xanım, bu yaxınlarda, daha dəqiq desək, 2009-cu ilin dekabr ayında “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”ni parlamentdə təsdiq etdik.  Xidmət keçmənin bütün əsasları da həmin Əsasnamədə öz əksini tapıb. Amma bir qədər sonra həm işlərin mürəkkəbliyindən, həm zərurətdən, həm də bundan da daha vacibi, beynəlxalq təcrübəni öyrəndikdən sonra belə qərara gəlindi ki, bütün Avropa, MDB ölkələrindəki miqrasiya xidmətlərində olduğu kimi, Azərbaycan miqrasiya xidmətinin əməkdaşları da, birincisi, xüsusi geyim formasına malik olmalıdırlar. İkincisi, qanunla müəyyən edilmiş qaydada onların fiziki qüvvə və xüsusi vasitələrdən istifadə etmək imkanları olmalıdır.
Dünya təcrübəsi göstərir ki, miqrasiya xüsusi bir xidmətdir, burada çalışanların xüsusi geyim forması və bu xidmətdən irəli gələn vəzifələri yerinə yetirməkdən ötrü onlar bir sıra səlahiyyətlərə də malik olmalıdırlar. Bu əlavələr sadaladığım iki mühüm məsələni əhatə edir. Nəhayət, Əsasnaməyə əlavədə qeyd olunur ki, xüsusi geyim forması pulsuz verilir və bunun verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında həyata keçirilir. Hesab edirəm ki, miqrasiya xidməti üçün bu vacib bir dəyişiklik olacaq. Çox sağ olun.
Sədrlik edən. Səsə qoyuruq.

Səsvermənin nəticələri   (saat 13.18 dəq.)
Lehinə  94
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0   
İştirak edir  95  
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin 11-ci məsələsi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Komitə sədri Əli Hüseynov.
Ə.Hüseynov. Çox sağ olun. Hörmətli millət vəkilləri, sizlərə təqdim edilmiş arayışdan məlum olur və bizim qanunvericiliyimizdən bilirsiniz ki, şəxsiyyət vəsiqəsində göstərilən  məlumatlar bu qanunun 3-cü maddəsində sadalanır. Təbii ki, hər bir vətəndaşın şəxsiyyət vəsiqəsində həmin şəxsiyyət haqqında məlumatlar öz əksini tapır. Amma praktikada belə bir problem yaranır, yəni şəxsiyyət vəsiqəsinin verilmə tarixi göstərilir. Qanunvericiliyə müvafiq olaraq tələb edilir ki, şəxsiyyət vəsiqəsi  üç dəfə yeniləşməlidir. Bu, əslində, dövlət orqanları üçün yox, daha çox vətəndaşlar üçün problem yaradır. Şəxsiyyət vəsiqəsinin vaxtı bəzən ötürülür, izlənilmir və sonradan şəxsiyyəti təsdiq etməkdən ötrü sənəd təqdim edərkən məlum olur ki, artıq vaxtı bitmişdir. Təbii ki, müvafiq dövlət orqanı da bunu sənəd kimi qəbul etmir.
Təqdim olunan dəyişiklikdə şəxsiyyət vəsiqəsinin etibarlılıq vaxtının göstərilməsi nəzərdə tutulur. Bu, vətəndaşların şəxsiyyət vəsiqəsini vaxtında dəyişdirməsinə siqnal olacaq. Eyni zamanda, dövlət  hakimiyyəti orqanları bu sənədləri qəbul edərkən artıq belə problemlərlə üzləşməyəcəklər. Həm vətəndaşlar, həm də dövlət, hakimiyyət orqanları üçün bu, faydalı bir dəyişiklikdir. Buna görə dəyişikliyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sürətlə qəbul edirik qanunları. Baba Tağıyev.
B.Tağıyev. Hörmətli millət vəkilləri, müzakirə olunan qanun layihəsində  göstərilir ki, şəxsiyyət vəsiqəsində insanın adı, soyadı, atasının adı, doğulduğu yer, tarix, qan qrupu kimi çoxlu  məlumatlar verilir. Çox maraqlıdır ki, vətəndaşın milli mənsubiyyəti haqqında heç bir məlumat verilmir. Mən  bir misal gətirəcəyəm. Hətta Sovet İttifaqı dövründə pasportlarımızda millət deyil, milliyyət yazılmışdı, yəni rus dilində «нация» deyil, «национальность» yazılmışdı. Bizim millətimiz Azərbaycan dövləti kimi böyük bir dövləti qurub yaratmışdır.  O dövlət dövlətdir ki, onu ancaq millət qurur. Mən təəssüf edirəm ki, bu gün orada bizim milli kimliyimiz göstərilmir. Bu bir.
İkinci, biz həmişə inkişaf etmiş ölkələrin, eləcə də Türkiyə kimi bir Cümhuriyyətin praktikasından nümunə götürməliyik. Türkiyə Cümhuriyyətinin xarici pasportlarında hər insanın milli mənsubiyyəti göstərilir. Bütün bunlarla bərabər demək istərdim ki, Konstitusiyanın  44-cü maddəsində konkret olaraq hər bir insanın milli mənsubiyyətini qoruyub saxlamaq hüququ tanınır. Bu da şəxsiyyət vəsiqəsində öz əksini tapmalıdır. Çünki insan öz dinini də, fiziki görkəmini də, cizgilərini də, hətta dilini də dəyişə bilər. O qədər insan tanıyırıq ki, heç öz ana dilində danışmağı belə bacarmır. Amma milli mənsubiyyət hüququ Konstitusiya ilə bizə verilmişdir. Mən belə bir təklif edirəm. Bahar xanım, bilmirəm, Siz bilərəkdən gülürsünüz, yoxsa bilməyərəkdən?
Sədrlik edən. Sağ olun.  Məni Sizin çıxışınızın intonasiyası çox maraqlandırır.
B.Tağıyev. Mən konkret olaraq təklif edirəm ki, bu məsələyə bir də baxılsın. Sağ olun.
Sədrlik edən. Oldu, Baba müəllim. Mən Sizin fikirlərinizi bir şəxsin fikirləri kimi qəbul edirəm və düşünürəm. Təkcə Siz deyil, bir çox insanlar bu fikirdədirlər ki, bizim milli mənsubiyyətimiz şəxsiyyəti təsdiq edən sənəddə yazılmalıdır. Amma biz, eyni zamanda, dünyaya inteqrasiya edən bir ölkəyik. Konstitusiyada, dediyiniz kimi, göstərilib ki, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Dövlət də bunun bütün təminatlarını həyata keçirir. Konstitusiyada bu hüquq təsbit edilib. Mən düşünürəm ki, bunun şəxsiyyət vəsiqəsində göstərilib-göstərilməməsi özünün milli kimliyini duyan şəxs üçün fərq etmir. Biz standartlara uyğunlaşmalıyıq. Bunun hüquqi tərəflərini Əli müəllim lazım bilsə, daha geniş izah edər. Bunun dövlət quruculuğumuza, milli kimliyimizin qorunmasına, daha çox azərbaycanlı olmağımıza heç bir maneçiliyi yoxdur. Əksinə, hər kəs daha artıq azərbaycanlı olduğunu sübut etmək üçün daha yaxşı işləyə bilər. Növbəti çıxış üçün söz Zahid Orucova verilir. Buyurun. 
Z.Orucov. Təşəkkür edirəm, hörmətli Bahar xanım. Mən Sizin mövqeyinizi bölüşürəm. Məsələ burasındadır ki, milli kimliyin yalnız şəxsiyyət vəsiqəsi vasitəsilə göstərilməsi və bu müddəa ilə insanların qürur hissi keçirmələri çox məhdud bir yanaşma olardı. Dünyanın keçdiyi yol var. İngilis dili mütəxəssisləri daha yaxşı bilirlər ki, “nationality” sözü millətdən daha çox vətəndaşlığı özündə ifadə edir. Mən çox arzulayıram ki, Azərbaycanda da məhz belə olsun. Yəni millətçiliyin də, milliyyətçiliyin də son həddi, sadəcə, vətəndaş olmaqdan ibarətdir. Ona görə də mənə elə gəlir ki, hörmətli Baba müəllimin, yaxud digər insanların, Zahid Orucun özünü türk kimi hiss etməsinə bunun şəxsiyyət vəsiqəsində hansısa bir formada ifadə edilməməsi mane olmur. Mənim aləmimdə, əslində, belə bir yanaşma var. Milli davada çoxlu dartışanlara yönəlmiş söylədiyim fikirdir. Məcburam, burada təkrarlayam, kim özünü hansı millətdən hiss edirsə, həmin millətdəndir.
Mən sizə açığını deyim, yəni bu, polemika mövzusu deyil, biz buraya gündəlikdəki konkret məsələlərin müzakirəsi üçün toplaşmışıq. Elə azərbaycanlı var ki, tarixi ərazilər və sair haqqında mövqeyinə görə onun bu milləti, hansı isə etnik qrupu təmsil etməsinə şübhə ilə baxmışam. Amma ermənilərin içərisindən biri isə sübut edib ki, bu torpaqların hamısı Azərbaycanındır, biz nadan ermənilərik, türklərlə düşmənçilikdə səhv edirik, bizi böyük oyunun aləti ediblər və sair. Mənim həmin adama yanaşmam tamam fərqlidir.
Amma mən konkret nə ilə bağlı çıxışa yazılmışdım? Mən düşünürəm ki, şəxsiyyət vəsiqələrinin əvəz olunması, dəyişdirilməsi məsələsində vətəndaşların ziyanına addım atmış oluruq. Bəlkə də keçmiş, sovet dövründən gəlmiş bir ənənədir? Bilmirəm. Hörmətli Əli müəllimə çox peşəkar bir hüquqşünas kimi hər birimizin hörməti var. Amma Avropa ölkələrində bu məsələ necədir? Bu vəsiqələr doğrudanmı 25, 50 yaşda və sair dəyişdirilməlidir? Mən bilmirəm, insan 25 yaşında nə qədər dəyişir? İnsanda bu dərəcədə kəskin hal dəyişikliyi baş verir ki, onun şəkli vasitəsilə tanıdılması zərurət kəsb edir? Kimsə deyə bilər ki, xərci cəmi 1 manatdır, amma xərcdən o yana, həqiqətən də, müxtəlif sənədlər toplanmalıdır. Ona görə də yaş məsələlərinə baxılmalıdır. Mən, sadəcə, bunun üçün yazılmışdım. Əgər bu variantın qəbul olunması haqqında ümumi bir fikir olacaqsa, mən buna səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Zahid müəllim. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, hörmətli Bahar xanım. Mən bu məsələ üzrə yazılmamışam, amma həmin mövzuya yaxın olduğuna görə bir daha xatırlatmaq istəyirəm. Bir dəfə bu məsələni qaldırdım, indi bir də fürsət düşüb deyirəm. Mən Əli müəllimdən xahiş edirəm, bir komitə sədri olaraq müvafiq qurumlarda bu məsələni aydınlaşdırsın. Gəlin şəxsiyyət vəsiqəsində biz adları birinci, soyadı ikinci, ata adını axırda yazaq. Dünyanın heç bir ölkəsində belə yazıldığını görməmişəm. Hər yerdə, ərəbdən tutmuş ingilisə qədər bir forma var. Bizdə soyad qabaqdadır, ad sonra,  ata adı daha sonra gəlir. Rusiyada da belə deyil. Orada başqa cürdür. Ona görə də gələcəkdə şəxsiyyət vəsiqələrində ad qabağa keçməlidir, soyad sonra, ata adı isə axırda gəlməlidir. Yaxud da ata adı ikinci, soyad axırda gələ bilər.
Bu formaya keçmək lazımdır. Buna keçəndə də böyük problem yaratmaya bilərik. Biz yenidən verilən şəxsiyyət vərəqələrinə bunu tətbiq eləyə bilərik. Tədricən kim şəxsiyyət vəsiqəsini dəyişirsə, bunu eləyə bilər. Bu çox vacib məsələdir. Bizdə familiya islahatı ilə bağlı çoxlu diskussiya gedir. Mən təkrar deyirəm ki, belə olduğuna görə familiya islahatı ləngiyir. Vətəndaş soyad qabağa keçdiyinə görə onun sonluğunu dəyişdirə bilmir. Təsəvvür edin ki, birinin familiyası Kamalovdur, indi “Kamal” yazmaq  istəyir. Əgər qız uşağı olsa, onun familiyası yaxşı səslənməyəcək. Ona görə mən komitədən xahiş edərdim, – mən də komitənin üzvüyəm, – biz bu məsələni qaldıraq və gələcəkdə parlamentdə buna dəstək verək. Təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Mübariz müəllim. Mən indidən Sizə dəstək verirəm. Hesab edirəm ki, ad və soyadların sıralanmasına baxmalıyıq. Sizin dediklərinizdə çox böyük həqiqət var. Mən Sizə söz verəndə də adınızı birinci deyirəm, soyadınızı sonra. Reallıqda bu belədir, amma yazıda başqa cür yazırıq. Bunu əsas götürərək bu dəyişikliyi edə bilərik. Aydın Həsənov.
A.Həsənov. Mən Baba müəllimi dəstəkləyirəm. O, çox düzgün qeyd etdi ki, pasportda, şəxsiyyət vəsiqəsində milliyyətimiz yazılmalıdır. Qarabağda neçə yüz min əhali yaşayırdı, onda ayrılırdı, ermənilər nə qədərdir, azərbaycanlılar nə qədərdir. Bizim çoxluq təşkil etdiyimizdən söhbət gedir. Referendum keçirilsə, onda hamısı yazılacaq. Yaxşı, milliyyət bilinmir. Ukraynada yazılır. Rusiyada 2 milyon azərbaycanlı yaşadığını haradan bilirlər? Demək, orada milliyyəti yazılır. Bizdə də deyirik, 30 mindən yuxarı erməni qadını yaşayır. Haradan bilirsən 30 mindir? Əgər şəxsin milliyyəti şəxsiyyət vəsiqəsində yazılsa, kompüterdə qeydiyyatdan da keçir.  Biz  Azərbaycanda nə qədər millət yaşadığını da biləcəyik. Hörmətli Prezidentimiz, deputatlarımız başqa bir dövlətə gedəndə orada deyirlər ki, filan millətdən bizdə bu qədər yaşayır. Baba müəllimin təklifini bəyənirəm və həmkarlarımdan da xahiş edirəm, onu müdafiə etsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Aydın müəllim. Mən hər çıxışa şərh vermək istəmirəm. Sadəcə, demək istəyirəm ki, yanlışlıq yaranmasın, müzakirələrimizi düzgün istiqamətdə apara bilək. Ölkədə nə qədər etnik qrupun yaşadığını bilmək üçün siyahıyaalma keçirilir. Azərbaycanda da keçirilir və biz insanlara konstitusion hüquq da vermişik ki, hər kəs  öz millətini özü desin. Kimsə millətini başqa cür də hesab eləyə və deyə bilər. Amma bunlar azlıq təşkil edən hallardır. Ümumi halda ölkədə nə qədər millət yaşadığını və hansı millətdən nə qədər nümayəndə olduğunu siyahıyaalma müəyyənləşdirir. Hər halda mən Sizin fikrinizi qəbul edirəm. Eldar İbrahimov, buyurun.
E.İbrahimov. Çox sağ olun, hörmətli Bahar xanım. Mənim də bu məsələ ilə bağlı fikrim var. Baba müəllim dedi, əlbəttə, şəxsiyyət vəsiqəsi Azərbaycanda işləyir, orada milliyyətin yazılıb-yazılmamasının o qədər də böyük əhəmiyyəti yoxdur. Amma bizim ən böyük problemimiz, hesab edirəm ki, pasportlarımızdır. Siz də bu yaxınlarda İngiltərəyə getdiniz, gəldiniz, biz də xaricə gedirik. Xaricdə İbrahimov Eldar olsun, ya Petrov olsun, fərq etmir. Familiyamızın axırı “ov”dur. İngilis nə bilsin, mən azərbaycanlıyam, ya rusam, ya da qeyri millətəm.
Mənə belə gəlir ki, xaricdə tanınmaq üçün pasportda “azərbaycanlı” sözü yazılmalıdır. Biz haraya gediriksə gedək, millətimizin adını danmağımız düz deyil. Axı, o vaxt bu məsələni bizə sırıyıblar, qəbul etdiriblər, yəqin, mən özüm də səs vermişəm. Mən elə bilirəm ki, pasportda bu məsələnin düzəldilməsi vacibdən vacibdir. Yəqin ki, hörmətli həmkarım Əli müəllim bu barədə fikirləşər, bizim hamımız fikirləşərik, əsas məsələ pasportumuzda milliyyətin göstərilməsidir. Mən Mübariz müəllimin fikirləri ilə tamamilə razıyam, şəxsin adı qabağa keçirilsin. Azərbaycanda, şükür Allaha, hamı tanınır, vəsiqədə “azərbaycanlı” yaz və ya yazma, bu ötüşər. Amma pasportlarımıza gəlin diqqət edək.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva. Mövzu çox maraqlıdır. Dəyişikliklərlə bağlı konkret münasibətinizi bildirin.
G.Baxşəliyeva.  Sağ olun, Bahar xanım. Mən hesab edirəm ki, öz fikrimi bildirsəm, yaxşı olar. Siz düzgün qeyd etdiniz, dünya praktikasında belədir, olmayan yerdən mübahisə açdıq. Pasportda şəxsin hara vətəndaşı olduğu yazılır. Azərbaycan Respublikasının vətəndaşı artıq azərbaycanlı deməkdir. Bütün ölkələrdə, İran Respublikasında “iranlı” sözü ayrıca yazılmır. Bu, praktikada belədir. Məncə, burada söhbət lazım deyil. Sadəcə, bilinir. Amma milliyyət məlum səbəblərə görə yazılmır. Çox düzgün deyildi ki, dünya praktikasında da belədir, bizdə də bu praktikaya riayət olunur. Bu məsələ heç bir mübahisə doğurmamalıdır. Sağ olun.
Sədrlik edən. Valeh müəllimin bir təklifi var, sonra layihəni səsə qoyacağıq.
V.Ələsgərov. Növbəti dəfə xatırlatmaq istəyirəm. Əli müəllim ikicə kəlmə ilə dedi ki, buraya verilmə tarixi və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti əlavə olunur. Xahiş etdi, buna dəstək olaq və səs verək. Qalan məsələləri “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin nümunəsinin təsdiq edilməsi haqqında” qanunlar müzakirə olunanda, yəqin ki, müzakirə edib qəbul etmək olardı, ya da qəbul edilməzdi. Ancaq bu gün bu dəqiqə Əli Hüseynov təklif edir ki, “verilmə tarixi və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti” sözləri əlavə olunsun. “Yox”, “hə”. Razı olanlar əlini qaldırır, razı olmayanlar qaldırmırlar. Bununla da mübahisələri bitirək. Hamınızdan çox xahiş edirəm.
Sədrlik edən. Əlavə olunsun, yoxsa yox? Səsə qoyuruq. Təkid eləyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bəlkə ehtiyac yoxdur, İkram müəllim? Təkid edirsinizsə, buyurun, İkram İsrafil.
İ.İsrafil. Komitə sədrim hörmətli Valeh müəllimin fikri ilə tam razı deyiləm ki, həmin sözlərin əlavə edilməsi ilə razı olub-olmadığımızı bildirməliyik. Bu gün gündəliyə daxil edilən şəxsiyyət vəsiqəsinə, bizim kimliyimiz haqqında sənədə əlavə və dəyişikliklər haqqında fikirlər səslənir. Hər halda millət vəkilləri illərlə seçicilərindən eşitdikləri fikirləri burada səsləndirirlər. Çox yaxşı olar ki, hörmətli komitə sədri Əli Hüseynov da bu məsələləri aidiyyəti qurumlar qarşısında qaldırsın. Deyilən fikirlər, təkliflər nə qədər uyğun olacaq, olmayacaq? Bəlkə də bir çox insanlar bununla razı olmayacaqlar.
Bizim mətbuatda da, ictimaiyyətimizdə də illərlə belə bir məsələ səsləndirilir ki, niyə biz Azərbaycan vətəndaşı olaraq milli kimliyimiz haqqında, şəxsiyyətimizi təsdiq edən sənəddə milliyyət yazılmasın? Həmin məsələni bu gün parlamentdə Baba müəllim qaldırdı. Biz də müxalifət təmsilçiləri olaraq Azərbaycan ictimaiyyətinin bu fikirlərinin daimi gündəlikdə olduğunun nəzərə alınmasını və bunlarla bağlı bir qanun layihəsinin gündəliyə gətirilməsini arzu edərdik. Mən hesab edirəm ki, bu, iclas salonunda əyləşən bir çox millət vəkillərinin ürəyindən keçən bir məsələdir. Arzu edək ki, yaxın günlərdə belə bir qanun layihəsi də müzakirəyə çıxarılsın. Kimliyimiz haqqında sənəddə bizim milli mənsubiyyətimiz göstərilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən görürəm, Baba müəllim ikinci dəfə çıxış üçün yazılıb. Əli müəllim bu məsələ ilə bağlı qısa şərh versin, bununla da müzakirəni bitirək. Buyurun, Əli müəllim. 
Ə.Hüseynov. Çox sağ olun, Bahar xanım. Əslində, şəxsiyyət vəsiqəsində milliyyətin göstərilməsi ilə bağlı təkliflər çox köhnəlmişdir və keçmişə bir qayıdışdır. Belə bir təklif bəlkə 15 il bundan qabaq səsləndirilsə, maraqlı görünərdi. Amma əslində indi nə baş verəcək? Xatırlatmaq istəyirəm ki, hətta etdiyimiz dəyişiklik texniki əhəmiyyət daşıyır, amma bu da qısamüddətlidir. Niyə? Çünki birinci, bu sənəd milliyyəti təsdiq edən vəsiqə deyil, şəxsiyyət vəsiqəsidir.
Onu da qeyd edim ki, hazırda şəxsiyyət vəsiqələri bugünkü standartlara cavab vermir. Niyə? Çünki  çox yaxın zamanda hər bir Azərbaycan vətəndaşının, artıq bütün Avropa ölkələrində, Avropa Birliyinə üzv ölkələrdə olduğu kimi, identifikasiya kartı olacaq. Bu cür plastik şəxsiyyət vəsiqəsini göstərmək, oxumaq da mümkün deyil. Həmin kartda heç nə görünməyəcək, ancaq vətəndaş özü təqdim edəndə və dövlət orqanının nümayəndəsi sirri qorumaq şərti ilə fərdi məlumatlara baxa biləcək. Yəni demək istəyirəm ki, prinsip etibarilə bu müzakirələrin artıq praktik əhəmiyyəti yoxdur. Azərbaycanda elektron hökumət layihəsi həyata keçirilir. Bunun da nəticəsində Avropa ölkələrində olduğu kimi, çox mükəmməl identifikasiya kartları yaradılacaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Elə bilirəm ki, Əli müəllim qaldırılan suallara əsaslı şəkildə cavab verdi. Ona görə də layihəni səsə qoyuruq. Buyurun, səs verin.

Səsvermənin nəticələri   (saat 13.38 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0   
İştirak edir  99  
Nəticə: qəbul edildi

Qəbul edildi.
Gündəliyin 12-ci məsələsi də maraqlı məsələdir. Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Arif Rəhimzadə, buyurun.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin  sədri.
Sağ olun, Bahar xanım. Diqqətinizə təqdim olunan layihədə nəzərdə tutulur ki, Bakı şəhəri Əzizbəyov rayonunun adı dəyişdirilsin və “Xəzər” adlandırılsın. Sovet hakimiyyəti qurulandan sonra 1930-cu ilə kimi bu ərazi “Qala-Maştağa dairəsi” adlanırdı. O vaxtın inzibati ərazi bölgüsündə rayon məfhumu yox idi. 1930-cu ildən rayon “Artyom” adını daşıyıb. 1960-cı ildən isə Əzizbəyovun adını daşıyır. Təklif olunur ki, indi həmin rayon “Xəzər” adlandırılsın. Rayonun 12 ərazi vahidi var. Bütün ərazi vahidlərində, bələdiyyələrdə müzakirələr aparılıb. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunun tələblərinə uyğun olaraq sənədlər təqdim edilib. Komitədə məsələyə baxılıb və sizin müzakirənizə təqdim olunur. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Çıxış üçün 9 nəfər yazılıb. Çıxışa  yazılanlar təkid etmirlərsə, səsə qoyulur, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.40 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0   
İştirak edir  90  
Nəticə: qəbul edildi

Qəbul edildi.
13-cü məsələ “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli Bahar xanım, hörmətli millət vəkilləri! “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə aşağıdakı 45.1-ci maddə əlavə olunur: “Vergi orqanlarının  vəzifəli şəxsləri xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim oluna bilərlər”. Xahiş edərdim, millət vəkilləri bu məsələyə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Fikrini bildirmək istəyən yoxdursa, səsə qoyuruq.

Səsvermənin nəticələri   (saat 13.42 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0   
İştirak edir  92  
Nəticə: qəbul edildi

Qəbul edildi.
14-cü məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda və “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun  layihəsi haqqındadır. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli Bahar xanım, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.64.1-ci və 18.64.2-ci maddələrinə “müəlliflik hüququ” sözləri əlavə edilir. Təklif var ki, səsə qoyulsun.   
Sədrlik edən. Münasibət bildirin.

Səsvermənin nəticələri   (saat 13.43 dəq.)
Lehinə  91
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  1   
İştirak edir  93  
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Keçirik gündəliyin sonuncu məsələsinə. Qeyd olunduğu kimi, əsas məsələyə. Pambıqçılıq haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşudur. Bu barədə Aqrar siyasət komitəsi sədrinin müavini Eldar Quliyev məlumat verir. Buyurun, Eldar Quliyev.
E.Quliyev, Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavini.
Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Məlumat vermək istəyirəm ki, Pambıqçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuşda və Aqrar siyasət komitəsinin iclasında ikinci oxunuşda müzakirəsində hörmətli deputatlarımız Valeh Ələsgərov, Nizami Xudiyev, Astan Şahverdiyev, Nizami Məmmədov, Əli Məsimli, Gülhüseyn Əhmədov, Məjlum Şükürov, Ərəstun Şükürov, Miri Qənbərov və Tahir Süleymanov qanun layihəsinin vacibliyini, aktuallığını və qəbul edilməsinə ehtiyac olduğunu, habelə ölkəmizin kənd təsərrüfatının önəmli sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olduğunu göstərmişdilər.
Nəzərinizə çatdırmaq istəyirəm ki, qanun layihəsi birinci oxunuşa hazırlanarkən Aqrar siyasət komitəsinin Gəncə şəhərində keçirdiyi iclasda Azərbaycan Aqrar Universitetinin, Azərbaycan  Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun professor-müəllim heyətinin və əməkdaşlarının iştirakı ilə  geniş müzakirə olunmuşdur. Həmin iclasda alimlər də qeyd etmişlər ki, pambıqçılıq böyük əməktutumluluq sahəsi olmaqla yanaşı, emal, yeyinti və yüngül sənaye müəssisələrinin xammal bazasını təşkil etdiyinə görə iqtisadiyyatın yüksək əlavə dəyər yaradan bir sahəsinin inkişafında lokomotiv rolu oynayır. Bu mənada Pambıqçılıq haqqında qanun layihəsinin mühüm əhəmiyyəti vardır.
Son illərdə ölkəmizdə pambıq istehsalı kəskin olaraq azalmışdır. Respublikamızda 2008–2009-cu illərdə cəmi 30-50 min ton pambıq istehsal edilmişdir ki, bu da əvvəllər bir rayonun verdiyi pambıq qədərdir. Bu göstərici ümumilikdə kənd təsərrüfatının inkişafına böyük zərbə vurmaqla yanaşı, həm də dövlət büdcəsinin formalaşması və ölkənin iqtisadi qüdrətinin artırılması üçün çox güclü potensiala malik olan bir sahənin iflası deməkdir. Nəzərə alsaq ki, 3 kiloqram pambıqdan 1 kiloqram mahlıc, ondan isə 10 metr parça alınır, onda hazır məhsula qədər emal edilən 300 ton xammal pambıq istehsalı ölkə iqtisadiyyatına ən azı 2,5 milyard manat dəyərində məhsul verir və ya 1,5 milyard manat həcmində əlavə dəyər yarada bilir. Belə yüksək əlavə dəyər yaradan ikinci bir məhsul ölkəmizdə yoxdur.
Pambığın yetişdirilməsi üçün mövcud olan əlverişli torpaq, iqlim və kadr potensialından istifadə etməmək bizə bağışlanılmaz səhv olardı. Pambıqçılığın böhran vəziyyətindən çıxarılması, yeni iş yerlərinin açılması, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə və dövlətin qarşısında duran digər vəzifələrin həllinə təsir göstərmək üçün pambıqçılığın inkişaf etdirilməsinin, hüquqi bazasının yaradılmasının vaxtı çatmışdır. Alimlər bu qanun layihəsinin hazırlanmasında və parlamentin müzakirəsinə çıxarılmasında göstərdiyi səylərə görə Milli Məclisin rəhbərliyinə, deputat həmkarlarıma dərin minnətdarlıqlarını bildirmişlər.
Qanun layihəsi ilə əlaqədar birinci oxunuşda həm hörmətli deputat həmkarlarım, həm də ikinci oxunuşa hazırlanarkən komitənin Gəncədə keçirilən iclasında alimlərimiz bir sıra iradlarını, rəy və təkliflərini bildirmişlər. Bu təkliflərə işçi qrupu tərəfindən baxılmış, hərtərəfli müzakirə edilmiş və sizə paylanmış variantda nəzərə alınmışdır. Qanun layihəsinin birinci oxunuşundan sonra layihəyə əlavə edilən əlavə və dəyişikliklər qara hərflərlə verilmişdir. Birinci oxunuşla ikinci oxunuş arasında fərqi əyani surətdə özünüz müqayisə edə bilərsiniz. Qanun layihəsinin 21 maddəsinə 69-dan artıq əlavə və dəyişikliklər edilmişdir. Bundan başqa, layihəyə 5 yeni müddəa əlavə edilmiş, 18 müddəa isə layihədən çıxarılmışdır. Eyni zamanda, II, III, IV, V fəsillərin, 6, 9, 19 və 20-ci maddələrin adları dəyişdirilmiş, layihə dil və quruluş baxımından yenidən redaktə edilmişdir. Mən qanun layihəsi barədə öz fikirlərini bildirən və tövsiyələrini verən deputat həmkarlarıma öz minnətdarlığımı bildirmək istəyirəm.
Müzakirələrdə səslənən bəzi irad və təkliflərə də münasibətimi bildirmək istərdim. Hörmətli Nazim müəllim qeyd etmişdir ki, kənd təsərrüfatında bitkiçilik və heyvandarlıq üzrə yüzlərlə sahə var və Aqrar siyasət komitəsi gələcəkdə ayrı-ayrı sahələr üzrə qanun layihəsi hazırlayacaqmı? Buna vaxt sərf etmək məqsədəuyğundurmu? Ümumiyyətlə, dünya təcrübəsində ayrı-ayrı sahələr üzrə qanunlar qəbul olunurmu? Nəzərinizə çatdırmaq istəyirəm ki, kənd təsərrüfatı həm iqtisadi, həm siyasi, həm də sosial məsələləri əhatə etdiyinə görə onun hər hansı bir sahəsinin geridə qalması bütövlükdə cəmiyyətdə müəyyən narahatlıq yaradır və diqqəti özünə cəlb edir. Nəzərə alsaq ki, Azərbaycanda ümumi əhalinin 48 faizi rayonlarda yaşayır və onun 39 faizi kənd təsərrüfatı ilə məşğul olur, onda bu sahənin nə qədər önəmli olması bir daha aydın olur. Kənd təsərrüfatının inkişafı, eyni zamanda, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında, dövlətin sosial ədalət missiyasının həyata keçirilməsində mühüm rol oynayır. Kənd təsərrüfatı sahəsində yeni yaradılan hər bir iş yeri özündən sonra gələn sahələrdə 5-6 iş yerinin yaradılmasına səbəb olur. Bu baxımdan o, iqtisadiyyatın digər sahələrindən dəfələrlə üstündür. Ona görə də hesab edirəm ki, kənd təsərrüfatının istənilən sahəsinə dair qanunların qəbul edilməsi çox vacibdir və labüddür. Hazırda belə bir vəziyyət pambıqçılıqla bağlı yaranmışdır və bu qanun layihəsinin qəbul olunması günün tələbidir.
Mən birinci oxunuşda qeyd etdim ki, Amerika Birləşmiş Ştatlarında 1929-cu ildən bəri pambıqçılıqla bağlı 20-dən çox qanun qəbul olunmuşdur. Qazaxıstan Respublikasında da 2007-ci ildə pambıqçılıqla əlaqədar qanun qəbul edilmişdir. Deputat həmkarlarım, o cümlədən hörmətli Valeh Ələsgərov, Əli Məsimli pambıqçılığın inkişafı ilə əlaqədar dövlətin üzərinə çoxlu öhdəçiliklərin qoyulmasını məqsədəuyğun hesab etməmiş və layihənin 5-ci, 18-ci, 19-cu, 20-ci maddələrinə öz iradlarını bildirmişdilər. Qeyd etmək istərdim ki, iqtisadiyyatın digər sahələrindən fərqli olaraq, kənd təsərrüfatı həddindən artıq riskli sahə olduğundan bu sahəyə yerli və xarici investorların kapital qoymağa o qədər də maraq göstərməməsi istər-istəməz kənd təsərrüfatına dövlət qayğısını və himayəsini zəruri edir. Bütün ölkələrdə dövlət tərəfindən bu sahəyə qayğı göstərilir. Belə ki, bir sıra Avropa ölkələri hər il öz büdcəsindən subsidiya şəklində aqrar sahənin inkişafına 35-40 faiz həcmində vəsait ayırır. Təsadüfi deyil ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci və 2009-cu ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında bu məqamı xüsusi vurğulamışdır.
Bazar iqtisadiyyatı prinsipləri ölkənin ərzaq çatışmazlığını qoruya bilmir. Ona görə də biz əlavə tədbirlər görməliyik ki, özümüzü qoruyaq. Daxildə kənd təsərrüfatının istehsalını artıraq və əsas ərzaq məhsulları ilə özümüzü təmin edə bilək. Hesab edirəm ki, kənd təsərrüfatını inkişaf etdirmək, ölkədə əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün qəbul etdiyimiz qanunlar bu sahədə dövlətin qarşısında duran əsas vəzifələrə cavab verir. Odur ki, layihənin 5-ci və 18-ci maddələrində göstərilən müddəaları müasir bazar iqtisadiyyatının və Prezidentimizin tələblərinə uyğun hesab edir, onların çıxarılmasını məqsədəuyğun hesab etmirik. Bununla yanaşı, layihənin 19-cu maddəsindəki “dövlət büdcəsindən ayırmalar” sözünü “Büdcə sistemi haqqında” Qanunun 2-ci maddəsinə uyğunlaşdırmaq üçün həmin sözlər “dövlət maliyyə vasitələri” sözləri ilə əvəz edilmişdir. 19-cu və 20-ci maddələrdə vergi və gömrük güzəştləri barədə müddəalar, habelə pambıq və pambıq məhsullarının istehsalına dövlət dəstəyi ilə bağlı bəzi tədbirlər, pambıq əkini sahəsində meliorasiya tədbirlərinin aparılmasının dövlətin vəzifələrinə aid edilməsi müddəaları layihədən çıxarılmışdır.
Hörmətli həmkarım Astan Şahverdiyev öz çıxışında layihədə ekoloji məsələlərin əks olunmadığını qeyd etmiş və bir maddənin əlavə edilməsini təklif etmişdir. Bununla əlaqədar bildirirəm ki, layihənin 5.0.6-cı və 15.3-cü maddələrində bitki mühafizə vasitələrinin tətbiqinə, pambıq və pambıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti müddəaları əks olunmuşdur. Bunlar da ətraf mühitin qorunmasına, ekoloji cəhətdən təmiz pambıq istehsalına imkan verəcəkdir. Bununla yanaşı, məsələnin ciddiliyini nəzərə alaraq, “Pambıq və pambıq məhsulları istehsalına dövlət dəstəyi” adlandırılan 20-ci maddəyə ekoloji təmiz pambıq istehsalının dəstəklənməsi və stimullaşdırılması üçün ayrıca müddəa əlavə edilmişdir.
Deputat həmkarlarım Məjlum Şükürov, Nizami Xudiyev, Gülhüseyn Əhmədov və Ərəstun Cavadovun təklifi ilə layihənin “Əsas anlayış” adlandırılan 1-ci maddəsindən 4-cü müddəa çıxarılmış, 3-cü və 4-cü müddəalar yenidən işlənərək təkmilləşdirilmişdir.
Hörmətli həmkarlarım Miri Qənbərov və Tahir Süleymanovun təklifi əsasında layihənin II fəslinin bütün müddəalarında xeyli dəyişikliklər edilmişdir. II və III fəsillərdə mövcud olan təkrarçılıq aradan qaldırılmış, pambıqçılıqdan kooperasiya fəaliyyətinə həsr olunmuş fəsil ləğv olunaraq 10-cu maddə ilə əvəzləşdirilmişdir.
Hörmətli millət vəkilləri! Mən bu qısa çıxışımda ikinci oxunuşdan sonra qanun layihəsinə edilən əlavə və dəyişikliklər haqqında məlumatları sizə çatdırdım. Aqrar siyasət komitəsi hesab edir ki, Pambıqçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşun tələblərinə cavab verir və müzakirəyə hazırdır. Onu da bildirmək istəyirəm ki, qanun layihəsi Prezident Administrasiyasının Qanunvericilik və hüquqi ekspertiza məsələləri və Aqrar siyasət şöbələri ilə geniş müzakirə aparılaraq razılaşdırılmışdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. İkinci oxunuş olduğu üçün əsas kimi səsə qoyaq.

Səsvermənin nəticələri   (saat 13.55 dəq.)
Lehinə  87
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0   
İştirak edir  87  
Nəticə: qəbul edildi

Qəbul edildi, təşəkkür edirəm.
Çıxışa yazılanlar varmı? Var. Mən bir şeyi razılaşdırmaq istəyirəm. Bəlkə biz fasiləsiz işləyək? Etiraz edən yoxdur ki? Onda davam edirik. Valeh müəllim, buyurun.
V.Ələsgərov. Eldar müəllim, qurban olum Sizə, əgər mənim sözlərimi çatdırmaq istəyirsinizsə, dəqiq çatdırın. Deməmişəm ki, mən – Valeh Ələsgərov pambıqçılığa dövlət dəstəyinin əleyhinəyəm. Mən demişəm ki, bu gün burada qəbul olunan qanun layihəsi qanunvericiliyə uyğun yazılmalıdır. Yəni “Büdcə sistemi haqqında” Qanuna, “Dövlət büdcəsi haqqında” Qanuna və sair. Mən bunu demişəm və Siz də mənim dediklərimi edibsiniz. Ona görə də Siz deyəndə ki, Valeh Ələsgərov pambıqçılığa hökumət dəstəyinin əleyhinədir, qəbul etmirəm. Xahiş edirəm, diqqətli olun. Çox sağ olun, minnətdaram.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Mənə elə gəlir ki, Siz bir-birinizi başa düşdünüz və bununla da problem həllini tapdı. Suallara şərait yaradaq. Fəzail Ağamalı.
F.Ağamalı. Çox sağ olun, Bahar xanım. Əslində, mən demək istədiyimi Siz dediniz. Mən təklif etmək istəyirdim ki, kifayət qədər ciddi qanundur, üstündə yaxşı işlənilib, bütün deyilən təkliflər nəzərə alınıbdır. Mümkün olsa, fasiləsiz işləyək. Bunu da Siz söylədiniz. Ona görə təşəkkür edirəm. Mən bunu demək istəyirdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nazim Məmmədov.
N.Məmmədov. Çox sağ olun. Hörmətli Eldar müəllim mənim keçən dəfə verdiyim sualı geniş izah etdi. Mən yenə də o fikirdə qalıram ki, kənd təsərrüfatında azad sahibkarlıq mühiti ilə inkişaf edir və funksional olaraq, hər hansı bir qanunun qəbul olunmasına etiraz etmirəm. Mən ayrı-ayrı sahələr üzrə, ayrı-ayrı bitkilər üzrə, növlər üzrə qanunların qəbul olunmasının nə qədər məqsədəuyğun olduğunu soruşmuşdum. Komitə hesab edir ki, məqsədəuyğundur. Yəqin, Milli Məclis qərar verəcək. Onda belə bir sual ortaya çıxır. Pambıqçılıqdan az əhəmiyyətli olmayan kartofçuluq haqqında Aqrar siyasət komitəsi qanun qəbul etməyi planlaşdırırmı? Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Mən nəzərinizə çatdırmaq istəyirəm ki, kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev və nazirliyin müvafiq strukturlarının nümayəndələri, eləcə də özəl təsərrüfat subyektlərinin nümayəndələri iclasda iştirak edirlər. Hər hansı bir sual olarsa, düşünürəm ki, onlar da həmin məsələlərin aydınlaşdırılmasında iştirak edə bilərlər. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Hörmətli Bahar xanım, hörmətli millət vəkilləri! Mən qanun layihəsinin birinci oxunuşunda çıxış edə bilməmişəm. Bu gün fürsətdən istifadə edib, bu qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılmasında fəal iştirak edən hər bir kəsə, komitənin üzvlərinə, ilk növbədə, hörmətli Eldar müəllim İbrahimova öz minnətdarlığımı bildirirəm. Bu qanun çox vacib bir sənəddir. Demək istəyirəm ki, pambıqçılıqla məşğul olan insanların hər birinin ürəyincədir. Eldar İbrahimov son vaxtlar televiziyada, informasiya vasitələrində haqlı olaraq dönə-dönə qeyd edib ki, pambıqçılığın bugünkü vəziyyəti nə dövləti, nə də bu sahə ilə məşğul olan insanları razı salır. Vaxtilə 1 milyon tondan artıq məhsul istehsal edən bir respublikada keçən il 30 min ton pambıq istehsal olunması, həqiqətən də, təəssüf doğurur.
Ola bilsin ki, bir çoxları pambıqçılığın, pambıq məhsulunun əhəmiyyətini dərindən qiymətləndirmirlər. Ancaq bu sahə ilə məşğul olan adamlar pambığın onlar üçün həm pul, həm yanacaq, həm gəlir mənbəyi, həm yem bazası, həm də yararlı sahə olduğunu yaxşı qiymətləndirirlər. Mən qanun layihəsinin əhəmiyyətli olduğunu bir daha qeyd edirəm. O çox əhatəlidir.
İstərdim ki, bir-iki fikrimi deyəm. Əgər məqbul olarsa, gələcəkdə bu təkliflər nəzərə alınsın. Əlbəttə, bütün sahələrdə maddi və mənəvi həvəsləndirmə üsullarından istifadə edilməsi işin xeyrinədir. Vaxtilə ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə bu üsulların geniş tətbiq olunması ölkədə kənd təsərrüfatına böyük fayda vermişdi. Bu gün bəziləri deyə bilərlər ki, azad sahibkarlıqdır və pambıqçılıqla ayrı-ayrı adamlar məşğul olurlar. Ona görə də maddi və mənəvi həvəsləndirmə üsulunun tətbiqi gərəkli deyil. Ancaq mən elə bilirəm ki, bu yanlış fikirdir. Çünki pambıqçılıq sahəsində çalışan adamların mükafatlandırılması, fəxri adların təsis edilməsi, elə bilirəm ki, gələcəkdə pambıqçılığın inkişafına böyük fayda verə bilər. Ona görə də istərdim ki, ayrıca bir maddədə və ya bənddə pambıqçılıqda maddi və mənəvi həvəsləndirmə məsələsi dövlətin vəzifəsi kimi qarşıya qoyulsun. Əgər mümkünsə, bu, layihəyə əlavə olunsun.
Dövlət pambıqçılığın inkişafına dəstək verməlidir. Bu çox vacibdir və qanun layihəsinin 18-ci maddəsində bu məsələ ətraflı şərh olunub. Bu gün pambıqçılığın geridə qalmasının əsas səbəblərindən biri də onun bazarının olmamasıdır. İnsanlar məhsul istehsal edir, ancaq onu satışa çıxara bilmirlər. Mən elə bilirəm ki, dövlət pambıq məhsulunun xarici bazara çıxarılmasına da dəstək verməlidir və bu məsələ layihədə qeyd olunmalıdır.
Digər bir tərəfdən, burada çox haqlı olaraq bir məqamı hörmətli  Eldar müəllim Quliyev qeyd etdi. Bu gün Amerika Birləşmiş Ştatlarında, eləcə də qonşu Özbəkistan respublikasında pambıqçılığın inkişafına çox böyük diqqət göstərilir. Eyni zamanda, bir çox ölkələrin qabaqcıl iş təcrübəsi var. Elə bilirəm ki, biz xarici təcrübədən yararlansaq, habelə yerli pambıqçıların iş təcrübəsini tətbiq etsək, gələcəkdə pambıqçılığın inkişafına nail ola bilərik. Burada ayrıca bir bənddə xarici təcrübənin tətbiq edilməsində dövlət dəstəyinin vacibliyi məsələsinin layihəyə əlavə olunmasını məqbul hesab edərdim. Mən bir daha bu qanun layihəsini ərsəyə gətirənlərə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ.Əkbərli. Təşəkkür edirəm, Bahar xanım. Mənim qanun layihəsi ilə əlaqədar konkret təkliflərim var. Bu təklifləri verəcəyəm. Ancaq ondan əvvəl istərdim ki, rayonumuzda yaranan çox ağır vəziyyət haqqında qısa şəkildə deputatlara məlumat verim. Məlumunuz olduğu kimi, mənim təmsil etdiyim İmişli rayonudur.
Sədrlik edən. Buna ehtiyac varmı? Bu məsələ ilə əlaqədar fikirlərinizi söyləyə bilərsiniz. Amma ittiham-filan olmasın ki, sonra da Sizə cavab verilsin. Bizim müzakirəmiz başqa istiqamətə getsin. Buyurun.
İ.Əkbərli. Bizim rayonda daşqın olmayıb. Yaxınlıqdan keçən Araz çayı daşmasa da, bir neçə gün yağan yağış və qrunt suları rayon mərkəzində insanların mülkiyyətinə dəhşətli zərbə vurub. Hesab edirəm ki, fəlakətin səviyyəsinin bu həddə çatmasının səbəbini həm də rayona rəhbərlik edən şəxslərdə axtarmaq lazımdır. Əgər bu məmurlar ərazidə olan və qrunt suları üçün bir növ qoruyucu rolunu oynayan kiçik gölləri şəxsi maraqları üçün ayrı-ayrı vətəndaşlara satmasaydı, su hövzələri torpaqla doldurulmasaydı, bəlkə də bu gün rayona dəyən ziyanın miqdarı, miqyası qat-qat aşağı olardı. Məmurlar Arazın qoruyucu zolaqlarını qum-çınqıl karxanalarına çevirməsəydi, burada 5-10 metr dərinliyində su hövzələri yaratmaqla Araz çayını rayon mərkəzinə yaxınlaşdırmasaydılar, vətəndaşlara dəyən ziyan, yəqin ki, az olardı.
Hazırda kanalizasiyası olmayan rayon mərkəzində elə bir ev, elə bir həyət tapmaq mümkün deyil ki, orada 40-50 santimetr su olmasın. Evlərin xeyli hissəsinin çiy kərpicdən tikilməsini nəzərə alsaq, vətəndaşlara dəyən ziyanın miqdarı haqqında təsəvvür yaratmaq çətin deyil. Ən acınacaqlısı isə odur ki, üzləşdiyi fəlakətlə təkbaşına mübarizə aparmaq məcburiyyətində qalan əhali epidemiya mənbəyinə çevrilmiş qrunt sularını həyətlərdən çəkmək üçün güc-bəla ilə aldıqları su motorlarına yanacaq belə tapa bilmir. Sual olunur, dövlətin indiki imkanları müqabilində evi təhlükədə olan insanlar yanacaq üçün niyə qapı-qapı düşüb dilənməlidirlər? Vaxtaşırı qrunt sularının əsirinə çevrilən rayonları hökumət kanalizasiya ilə, kollektor şəbəkəsi ilə təmin edə bilmirsə, heç olmasa, belə fəlakətli günlərdə onları lazımi sayda motor və yanacaqla təmin etsin. Rayonlarda vəziyyət həddindən artıq ağırdır, insanlara kömək lazımdır. Evlərin uçmasının qarşısını almaq, insanları epidemiya təhlükəsindən xilas etmək üçün yerlərdə özfəaliyyətə son qoyulmalı, mərkəzləşmiş şəkildə ardıcıl tədbirlər görülməlidir.
Pambıqçılıq haqqında qanun layihəsini mən mütəxəssislərlə bir yerdə təhlil etmişəm. Ölkədə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarındın bəlkə də birincisi olan pambıqçılığın indiki ağır vəziyyətini mütəxəssislər, əsasən, emal müəssisələri ilə istehsalçılar arasında münasibətlərdə, daha doğrusu, müqavilələrdə görürlər. Adətən, bu müqavilələr emal müəssisələri tərəfindən birtərəfli qaydada tərtib edilir və pambıqçılığın əsas subyekti olan istehsalçının hüquqlarının pozulması ilə nəticələnir. Məsələn, son illərdə bağlanmış müqavilələrə nəzər salsaq, görərik ki, istehsalçı müqavilə şərtlərini yerinə yetirmədiyi halda onun haqqında cəza tədbirləri nəzərdə tutulur, amma emal müəssisələri haqqında heç bir cəza nəzərdə tutulmur, yaxud elə tədbirlər nəzərdə tutulur ki, onlar müqavilə şərtlərinin yerinə yetirilməsinə, faktiki olaraq, təsir göstərmir.
Məlumdur ki, emal müəssisəsində pambıqdan alınan çiyid heyvandarlığın inkişafı üçün çox əlverişli və yüksək kalorili yem vasitəsidir. Amma son illər istehsalçı öz məhsulunun çiyidini emal müəssisəsindən ala bilmir. Xam pambığın satınalma qiymətindən baha olan yem çiyidi pullu, imkanlı şəxslərə satılır, pambıq istehsalçısı isə kənarda qalır. Halbuki pambıq əkininə həvəsi artırmaq məqsədilə bu məsələlər tərtib olunmuş müqavilədə öz əksini tapmalıdır.
Mən layihənin ikinci oxunuşa çıxarıldığını nəzərə alaraq, konkret təkliflərimi sizin nəzərinizə çatdırmaq istəyirəm. 5-ci maddəyə aşağıdakı tərkibdə ayrıca bənd əlavə edilməsini təklif edirəm: “Xam pambıq və pambıq məhsulları bazarında qiymətlər aşağı düşdüyü hallarda istehsalçının istehsala marağını artırmaq və pambığın rentabelliyini saxlamaq məqsədilə müxtəlif həvəsləndirici tədbirlər görmək.” 11.1-ci maddədə deyilir: “Pambığın alğı-satqı prosesində pambıq istehsalçısı istehsal etdiyi pambığı emal nəticəsində satır və bununla da istehsalçı pambıq və ondan alınan pambıq məhsulları üzərində mülkiyyət hüququnu itirir”. Hesab edirəm ki, bu maddədə istehsal etdiyi məhsul üzərində mülkiyyət hüququnu itirən istehsalçıya emal zamanı alınan texniki çiyidin ən azı 25 faizə qədərini ucuz qiymətə satın almaq hüququ da verilməlidir. Ona görə  təklif edirəm ki, 11.2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Pambıq emalı müəssisəsi satın aldığı xam pambığın dəyərini müqavilə şərtlərinə uyğun ödəyərək həmin məhsula, yem çiyidi istisna olmaqla, ondan alınan emal məhsullarına mülkiyyət hüququ əldə edir və onların barəsində sərbəst sərəncam verir”.
Təklif edirəm ki, 12.3-cü bənd aşağıdakı redaksiyada verilsin: “Toxumçuluq təsərrüfatları tərəfindən satılan toxumluq pambığın qiyməti, toxumluq pambığın seleksiya növü, reproduksiyası emal müəssisələrində əldə edilən toxumluq çiyidin keyfiyyəti nəzərə alınmaqla texniki pambığın alğı-satqısı üçün tərəflər arasında müqavilədə nəzərdə tutulmuş qiymətlərə müvafiq olaraq ödənilməlidir”.
Nəhayət, 13-cü maddəyə aşağıdakı bəndin əlavə edilməsini təklif edirəm: “Texniki pambıq istehsalçısı öz istəklərinə uyğun olaraq, emal müəssisələrinə satdığı pambıqdan alınan çiyidin 25 faizə qədərini satdığı pambığın müqavilə qiymətinin 30 faizindən baha olmamaq şərti ilə satın ala bilər”. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, İltizam müəllim. Sizin qanun layihəsi ilə bağlı təkliflərinizin nəzərə alınacağını düşünürəm. Rayondakı vəziyyətlə bağlı narahatlığınızı da anlayıram, çünki bu cür vəziyyət bir çox rayonlarda var, amma onun səbəbləri ilə bağlı fikirlərimiz subyektiv ola bilər. Düşünürəm ki, müvafiq orqanlar bununla bağlı məsələlərə aydınlıq gətirərlər, rayona müvafiq köməklik göstərərlər.
Təklif var ki, çıxışların müddəti azaldılsın. Nə təklif edirsiniz? Ümumiyyətlə, səsə qoyulmasını istəyirsiniz? Təkid edən varmı? İlyas İsmayılov təkid edir. Buyurun.
İ.İsmayılov. Çox sağ olun, Bahar xanım. Layihə, doğrudan da, həm ictimai münasibətlərin əhatə olunması baxımından, həm də qanunverici texnikası baxımından yaxşı işlənilibdir. Mənim bir arzum var, o da 2-ci maddə ilə bağlıdır. 2-ci maddədə pambıqçılıq sahəsində qanunvericilik aktlarından söhbət gedir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr 1-ci hissədə göstərilmir. Ancaq 2-ci hissədə onun hüquqi qüvvəsi qeyd olunur. Mən hesab edirəm ki, 1-ci hissədə Konstitusiyadan sonra Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr göstərilməlidir. Özü də burada yazıldığı kimi, “Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr” kimi yox. Çünki bu, hökumətlərarası müqavilə də ola bilər. Ona görə də Konstitusiyamızın 148-ci maddəsində göstərildiyi kimi, “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr” yazılmalıdır. 2-ci hissə, ümumiyyətlə, çıxarılmalıdır. Çünki bu, Konstitusiyanın məlum müddəasıdır və Konstitusiya birbaşa qüvvədə olduğuna görə burada onu təkrar etməyə ehtiyac yoxdur. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, İlyas müəllim. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, buyurun.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun, hörmətli Bahar xanım. Burada çıxış edən, təklif verən deputat həmkarlarıma dərin minnətdarlığımı bildirirəm. Sadəcə olaraq, bir kəlmə ilə demək istəyirəm ki,  biz bu qanunu nə üçün hazırladıq? Çünki Nazim müəllimin də çıxışında suallar oldu. Bəli, lazım gəlsə, Kartofçuluq haqqında da qanun qəbul edəcəyik. Ancaq Pambıqçılıq haqqında qanunu ona görə qəbul etdik ki, bir vaxt 1 milyon ton pambıq istehsal olunan ölkədə indi heç 30 min ton pambıq da yoxdur. Yəni bu qanunla pambıqçılıq inkişaf eləsin. Qanun qəbul edək ki, heç olmasa, xaricdə yaşayan həmvətənlərimiz gəlib Azərbaycanda pambıqçılığa investisiya qoysun. Qanun olmayan ölkəyə heç kəs gəlmir. Qanun olmayan ölkədə, yenə də deyirəm, inkişaf ola bilməz. Budur, 19-cu maddədə biz dövlətin vəzifələri məsələsini qoymuşuq. Nə üçün qoymuşuq? Dövlət diqqət yetirdi, bizim ölkəmizdə misli görünməmiş 3 milyon ton taxıl istehsal olundu. Böyük ölkələrin, böyük regionların, milyonlarla insanın vərdişi olan pambıqçılıq Azərbaycanda niyə batmalıdır? Bu suallar bizi narahat edir. İndi İltizam müəllim də dedi, bəli, pambığın çiyidi də xeyirlidir, qozası da xeyirdir. Pambıqçılığı inkişaf etdirib ildə 3 yüz min ton pambıq istehsal eləsək, təkcə pambıqçılıqdan ölkəyə 1,5 milyard manat gəlir gətirmək olar. Ona görə biz bu qanunu qəbul edirik. Bu qanunun əhəmiyyətini başa düşmüşük.
Bahar xanım, hörmətli həmkarım Eldar müəllim dedi, biz Prezident Administrasiyasının müvafiq şöbələri ilə bu layihəni dəfələrlə işləmişik. İstəmişik ki, bütün sahələrə cavab verə bilən, xalqımıza xeyri dəyən bir qanun olsun. Bu baxımdan qanunun müddəalarını mütəxəssislər yaxşı bilirlər. Aqrar Universitetdə pambıqçılıq institutunun alimləri ilə müzakirə eləmişik. İnanın ki, bu layihə ümumxalq müzakirəsinə çevrilən bir qanun olub. Mən hesab edirəm ki, bu qanun çox yaxşı qanundur, lazımlı qanundur. İlyas müəllimin dediyi fikirlərlə tamamilə razıyam. Əlbəttə, bu qanun qəbul edildikdən sonra bütün təşkilatlara göndəriləcək. Mən hesab edirəm ki, qanun layihəsinin daha geniş müzakirəsinə ehtiyac yoxdur. İkinci oxunuşda fəsil-fəsil səsə qoymaq olar. Əgər həmkarlarımız etiraz etməsələr, üçüncü oxunuşda bunu qəbul eləmək olar. Yəni qanun layihəsi Prezident Administrasiyası ilə razılaşdırılıb. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Eldar müəllim. Bizim qonaqlarımızdan fikir söyləmək istəyən yoxdur ki? Yoxdur. Eldar müəllim, Sizinlə razıyam ki, bu vacib bir qanundur. Çünki Azərbaycanda kənd təsərrüfatının, sənayenin, iqtisadiyyatın elə müxtəlif sahələri var ki, onlarla bağlı xüsusi qanunlar qəbul olunmalıdır. Sahəvi qanunlar qəbul olunmalıdır ki, həmin sahənin inkişafı davam etdirilsin, nəinki tənəzzülə uğrasın. Mən kənd təsərrüfatı ilə, aqrar sahə ilə bağlı Sizin komitədə hazırlanan qanunların məhz bu məqsədə xidmət etdiyini düşünürəm. Məncə, həmkarlarımız da belə düşünürlər.
Burada qanun layihəsi üzərində zəhmət çəkildiyini görə bilərsiniz. Həmin zəhməti şübhə altına almaq məqsədlərimizə çatmaqda bizə maneçilik törədə bilər. Ona görə də düşünürəm ki, bu qanun layihəsi qəbul olunmalıdır. Qanun 6 fəsildən ibarətdir. Fəsil-fəsil səsə qoyuruq. Xahiş edirəm, I-III fəsillərə münasibət bildirin.

Səsvermənin nəticələri   (saat 14.16 dəq.)
Lehinə  94
Əleyhinə  1
Bitərəf  1
Səs vermədi  1   
İştirak edir  97  
Nəticə: qəbul edildi

Qəbul edildi.
IV-VI fəsillərə münasibət bildirin.

Səsvermənin nəticələri   (saat 14.16 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  1   
İştirak edir  99  
Nəticə: qəbul edildi

Qəbul edildi.
Qanun layihəsinə bütövlükdə səs verək.

Səsvermənin nəticələri   (saat 14.17 dəq.)
Lehinə  96
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0   
İştirak edir  97  
Nəticə: qəbul edildi

Qəbul edildi.
Üçüncü oxunuşla bağlı Eldar müəllim təklif verdi. Etiraz edən, xüsusi fikri olan yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Məjlum müəllim də təklifi dəstəklədi. Mən də dəstəkləyirəm. Gəlin, səsə qoyaq.

Səsvermənin nəticələri   (saat 14.18 dəq.)
Lehinə  95
Əleyhinə  1
Bitərəf  1
Səs vermədi  1   
İştirak edir  98  
Nəticə: qəbul edildi

Qəbul edildi.
Eldar müəllim, Sizi təbrik edirik.

Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siz də sağ olun. Gələn iclas haqqında sizə məlumat veriləcək. İclasımız sona çatdı.   
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi