2012-ci il 24 fevral tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  34

Milli  Məclisin  iclas  salonu.
24  fevral  2012-ci  il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik etmişdir.


İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir  90
Yetərsay  83

İclasa dəvət olunmuşdur:

Şahmar Usubov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı.

İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:

Xocalı soyqırımının 20 illiyi haqqında.

Aşağıdakı məsələ müzakirə edilmişdir:

Xocalı soyqırımının 20 illiyi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Fəzail İbrahimli, Siyavuş Novruzov, Əli Məsimli, Aydın Mirzəzadə, Elmira Axundova, Asəf Hacıyev, Mübariz Qurbanlı, İlyas İsmayılov, Məlahət İbrahimqızı, Vahid Əhmədov, Gülər Əhmədova, Qüdrət Həsənquliyev, Sahibə Qafarova, Kamilə Əliyeva, Azay Quliyev, Tahir Rzayev, Gövhər Baxşəliyeva, Musa Quliyev, Xanhüseyn Kazımlı, Rafael Cəbrayılov, Etibar Hüseynov, Aqiyə Naxçıvanlı, Fuad Muradov, Novruzəli Aslanov, Rafiq Məmmədhəsənov, Leyla Abdullayeva, Sahib Alıyev, İqbal Məmmədov, Əhliman Əmiraslanov, Əhməd Vəliyev, Gülçöhrə Məmmədova, Bəxtiyar Sadıqov, Ayaz Orucov, Azər Badamov, Flora Qasımova, Yaqub Mahmudov, Əli Əhmədov, Sədaqət Vəliyeva, Jalə Əliyeva

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.09 dəq.)
Lehinə  99
Əleyhinə    0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir   99
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

MİLLİ  MƏCLİSİN  İCLASI

24  fevral  2012-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri və hörmətli qonaqlar! Bugünkü iclasımız Xocalı soyqırımının 20 illiyinə həsr olunmuşdur.
Xocalı faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Xahiş edirəm, faciə zamanı həlak olmuş şəhidlərin və qəhrəmanların xatirəsini 1 dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.) Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat  (saat 12.05 dəq.)
İştirak edir 90
Yetərsay  83

Yetərsay var, iclasa başlaya bilərik.
Xocalı faciəsi Cənubi Qafqazda və Şərqi Anadoluda həyata keçirilən qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olmuşdur. Bu siyasətin 100 ildən artıq tarixi vardır. Onun təşkilatçıları bölgədə öz maraqlarını həyata keçirməyə çalışan bəzi kənar qüvvələr, icraçıları isə erməni millətçiləridir.
Təəssüf ki, müəyyən dövrə qədər erməni millətçiləri havadarlarının dəstəyindən istifadə edərək, öz niyyətlərinə nail ola bilmişlər. Ötən əsrdə 2 milyona yaxın günahsız azərbaycanlı və türk qətlə yetirilmişdir. Qədim Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması üçün əraziləri boşaltmaq məqsədi ilə 1920-ci ilədək yarım milyona qədər azərbaycanlı bugünkü Ermənistan ərazisindəki doğma yurdlarından qovulmuşdur. Sovetlər dövründə – 1921-ci ildə Zəngəzur mahalı, 1922-ci ildə Göyçə mahalı Ermənistan dövlətinin tərkibinə verilmişdir. Etnik təmizləmə sonrakı dövrlərdə də davam etmişdir. 1948–1953-cü illərdə yüz minlərcə azərbaycanlı Ermənistandan deportasiya edilmişdir. 1988–1993-cü illərdə isə 1 milyon azərbaycanlı Ermənistandan və Dağlıq Qarabağdan qovulub didərgin salınmışdır.
20 ilə yaxındır ki, Azərbaycan ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal altındadır. İşğalçılıq müharibəsinin gedişində azərbaycanlılara qarşı bir neçə soyqırımı cinayəti törədilmişdir.
Xocalı soyqırımından əvvəl Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları bir sıra yaşayış məntəqələrində əhalinin böyük bir hissəsi xüsusi amansızlıqla qətlə yetirilmişdir. Xocalı soyqırımı öz miqyasına görə bu cinayətlərin ən dəhşətlisidir. Bu, insanlığa qarşı cinayətdir.
Müstəqil Azərbaycan dövləti, xüsusən ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət vermişdir. Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. Bununla yanaşı, XX əsrdə erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq 31 mart azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
Biz əminik ki, dövlətimizin ərazi bütövlüyü təmin ediləcək, Xocalı soyqırımının da, digər cinayətlərin də bütün iştirakçıları layiqli cəzalarını alacaqlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz dinamik inkişaf edir və hərbi qüdrətini artırır. Bu gün Azərbaycan bölgənin lider dövlətidir. Ermənistan heç bir sahədə özünü Azərbaycanla müqayisə edə bilməz. Eyni zamanda, işğalçı dövlətə göstərilən təzyiq də güclənməkdədir. Beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü müdafiə edirlər. Bütün bunlar sülh danışıqlarında Azərbaycanın mövqelərini daha da möhkəmləndirir.
Əlbəttə, biz problemin sülh yolu ilə həll edilməsinə çalışırıq. Amma möhtərəm Prezidentimizin də dediyi kimi, sülh danışıqları nəticə verməsə, Azərbaycan dövləti başqa vasitələrə əl atmalı olacaqdır. Bax, o zaman Ermənistan bu gün ona təklif edilən şərtlərə razı olmadığı üçün çox böyük peşmançılıq keçirəcəkdir. Ona görə bu vəziyyəti ilk növbədə Ermənistan özü başa düşməlidir.
Hörmətli deputatlar, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Xocalı soyqırımı haqqında məruzə ilə çıxış edəcəkdir. Amma icazə versəniz, əvvəlcə Xocalı faciəsi haqqında kiçik bir film hazırlanıb, onu seyr edək, sonra müzakirələrə başlayaq. Buyurun.
(Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilir. )
20 il keçməsinə baxmayaraq, hər dəfə bu kadrları görəndə insanın ürəyi dözmür. Məruzə üçün Ziyafət Əsgərova söz verilir. Buyurun.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli həmkarlar, dəvət olunmuş şəxslər, mətbuat nümayəndələri! Azərbaycanın müasir tarixinin ən kədərli və faciəli səhifələrindən biri kimi 26 fevral gününü hər il xalqımız dərin hüznlə qeyd edir. Faciənin üstündən 20 il keçsə də, onun vurduğu yaralar bu gün də sızlayır və heç zaman unudulmayacaqdır. Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmişdir.
Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Liditse, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdir. Təkcə Qaradağlı kəndində 80 nəfərdən çox dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülmüş, onlarca adam girov götürülmüş, kənd isə yandırılaraq yer üzündən silinmişdir.
Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış məntəqəsi olan Xocalı Ermənistan hərbi birləşmələrinin növbəti hədəfi idi. Şəhərdə 7 min nəfərədək adam yaşayırdı. Ermənistan Respublikasındakı ata-baba torpaqlarından zorla qovulmuş azərbaycanlıların bir hissəsi və 1989-cu ildə Fərqanədən didərgin salınmış məhsəti türklərinin 54 ailəsi də burada məskunlaşmışdı.
Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Davakar erməni millətçiləri Ermənistanın kütləvi informasiya vasitələrində, Yerevanda və Xankəndində keçirilən mitinqlərdə azərbaycanlıların kütləvi məhvini təşkil etməyə çağırışlar edirdilər. Məqsəd Dağlıq Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış Azərbaycan xalqını qorxutmaq və onun mübarizə əzmini qırmaq idi.
Şəhər 1991-ci ilin noyabr ayından blokadaya alınmışdı. Xocalının xarici aləmlə əlaqəsi ancaq radiotelefon və mülki vertolyotlar vasitəsi ilə həyata keçirilirdi. 1992-ci il yanvarın 28-də Dağlıq Qarabağ səmasında “Azərbaycan Hava Yolları” Dövlət Şirkətinə məxsus Mİ-8 markalı mülki vertolyot erməni hərbi birləşmələri tərəfindən vurulmuş, vertolyotun sərnişinləri olan 47 azərbaycanlı həlak olmuşdu. Bundan sonra şəhərlə hava əlaqəsi də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilməsinin qarşısı alınmışdı. Şəhəri yalnız atıcı silahları olan yerli özünümüdafiə dəstələri qoruyurdular. Əlbəttə, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Fevralın ikinci yarısından başlayaraq Xocalı Ermənistan silahlı birləşmələri tərəfindən tam mühasirəyə alınmışdı. Dinc sakinlərin ikibir-üçbir və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınırdı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda (Xankəndində) yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi.
Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi, 487 nəfər şikəst edildi, 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar.
Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taborun qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdir. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində alayın hərbi qulluqçularından Slavik Arutyunyan, Andrey İşxanyan, Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebekyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Aleksandr Ayrapetyan və başqaları, erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Vitali Balasanyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərləri fəal iştirak etmişlər. Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, Dağlıq Qarabağda erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Koçaryanın və başqa şəxslərin də olduğu istintaqla müəyyən edilmişdir. Bu gün cinayətkarlardan 39 nəfərin adı Azərbaycanın istintaq orqanlarına məlumdur.
Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılmış, bu zaman hərbi texnikanın böyük bir hissəsi, yəni 9 tank, 4 zirehli transportyor, 70 piyada döyüş maşını, 4 “Strela-10” raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni hərbi birləşmələrinə təhvil verilmiş və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir. Diqqəti cəlb edən məqamlardan biri də budur ki, vəhşilik əməlindən bir neçə gün sonra Xocalı qurbanlarının faciəsini videolentə almaq üçün qırğın yerinə gedən kütləvi informasiya vasitələrinin nümayəndələrinə mane olmağa cəhd göstərilməmişdir. Bunun özü də sübut edir ki, erməni millətçilərinin əsas hədəflərindən biri törətdikləri cinayətlərin daha çox adama məlum olması yolu ilə dinc əhali arasında xof yaratmaq, eyni zamanda, Bakıda siyasi vəziyyəti qarışdırmaq, Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur.
Bununla birlikdə, bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Respublikası Xocalı faciəsindən sonra tezliklə özünə gələ bilməyən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını qısa müddətdə başa çatdırmış və ətraf rayonların zəbt edilməsi planlarının icrasına başlamışdır. Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış bu kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, uşaqlar və qadınlar, xüsusən hamilə qadınlar vəhşicəsinə qətlə yetirilmişlər.
Xocalı faciəsi erməni millətçilərinin son yüz ildən artıq dövrdə türklərə və azərbaycanlılara, digər qonşu xalqlara qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətinin yeni mərhələsini təşkil etmişdir. Bütövlükdə XX əsrin əvvəllərindən etibarən “böyük Ermənistan” xülyasını həyata keçirmək üçün erməni millətçiləri azərbaycanlılar yaşayan on minlərcə kvadrat-kilometr ərazini zorla boşaltmış, həmin ərazidən 1,5 milyondan çox azərbaycanlını qovmuşlar. Bu zaman dinc əhaliyə qarşı kütləvi terror aktları və qırğınlar törədilmişdir.
1905–1907, 1918–1920-ci illərdə İrəvanda, Dərələyəzdə və Zəngəzurda, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində azərbaycanlı əhali soyqırımına məruz qalmışdır. Təkcə Azərbaycanın paytaxtı Bakı şəhərində 1918-ci ilin mart soyqırımı zamanı 30 mindən çox dinc əhali qətlə yetirilmişdir.
Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının böyük bir hissəsi Ermənistana qatılmış, Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında yığcam halda yaşayan yüz minlərcə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində bir ovuc erməni üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılmışdır. Beləliklə, erməni millətçilərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün zəmin yaradılmış, Cənubi Qafqazda baş verəcək yeni faciələrin əsası qoyulmuşdur.
Erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymət verilməməsi sovet hakimiyyəti dövründə də bizim xalqımıza qarşı düşmənçilik siyasəti yeridilməsinə gətirib çıxarmışdır. Ermənistan SSR-nin hakim dairələri SSRİ rəhbərliyinin köməyi ilə 1948–1953-cü illərdə yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarından deportasiya edilməsinə nail olmuşlar.
Rəsmi Moskvanın dəstəyinə arxalanan erməni millətçiləri Azərbaycana qarşı əsassız ərazi iddialarını davam etdirsələr də, 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi bu cür cəhdlərin qarşısını almağa imkan vermişdir. 1987-ci ildə Heydər Əliyev SSRİ rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra erməni millətçiləri Azərbaycana qarşı düşmənçilik siyasətini açıq şəkildə davam etdirmək üçün fürsət tapmışlar.
1988-ci ildə keçmiş SSRİ mərkəzi hökumətinin, şəxsən Mixail Qorbaçovun ermənipərəst siyasətindən istifadə edən erməni millətçiləri Ermənistan ərazisində etnik təmizləmə aparmaq niyyəti ilə azərbaycanlıların elliklə yaşadıqları rayon və kəndlərə silahlı basqınlar etməyə, onları ata-baba yurdlarından qovmağa başladılar. Düşmənçilik siyasətinə əsas yaratmaq üçün SSRİ xüsusi xidmət orqanlarının birbaşa iştirakı və təşkilatçılığı ilə Azərbaycanın Sumqayıt şəhərində məlum fitnəkarlıq əməli törədildi. Əvvəlcədən hazırlanmış plana əsasən bu hadisələr bəhanə gətirilərək, qısa müddət ərzində Ermənistandan 250 minə yaxın azərbaycanlı kriminal ünsürlərlə əlbir olan hakimiyyət orqanlarının nümayəndələri və silahlı quldurlar tərəfindən qovulub qaçqın salındı. Bu zaman yüzlərcə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Erməni millətçiləri insanların müxtəlif bədən üzvlərini kəsməklə, gözlərini çıxarmaqla, azyaşlı uşaqları dəmir boruların içinə doldurub hər iki ucunu qaynaq etməklə insana nifrət ideologiyasının baniləri olan ata-babalarının əməllərini özlərinə layiq şəkildə davam etdirmiş oldular.
1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə verilməsi haqqında SSRİ Ali Sovetinə müraciət qəbul etdi. Beləliklə, Ermənistan Azərbaycanın əzəli torpaqlarını ilhaq etmək məqsədi ilə qonşu dövlətə qarşı açıq təcavüzə başladı. Azərbaycan ərazisinə silahlı dəstələr göndərilir, Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə mütəmadi basqınlar təşkil edilir, əhaliyə qarşı zor tətbiq olunurdu. Azərbaycanlıların evlərini yandırır, özlərini köçməyə məcbur edirdilər. Keçmiş DQMV-nin inzibati mərkəzi olan Xankəndi şəhərindən 15 minə qədər azərbaycanlının qovulması məhz belə bir şəraitdə həyata keçirilmişdir.
1988-ci il iyulun 12-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin sessiyası vilayətin Azərbaycan SSR-in tərkibindən çıxması haqqında məsələni azərbaycanlı deputatların iştirakı olmadan müzakirə edərək, bu barədə qeyri-qanuni bir qərar qəbul etdi. Sovet İttifaqı rəhbərliyinin üstüörtülü razılığı ilə muxtar vilayətin ərazisində erməni silahlı birləşmələri yaradılmağa başlandı. Ermənistandan DQMV-nin Mardakert (indiki Ağdərə) rayonundakı gizli təyyarə meydanına silah və sursat daşınır, azərbaycanlılardan isə adi ov tüfəngləri də alınırdı.
Təəssüf ki, Azərbaycanın o dövrdəki rəhbərliyinin fərsizliyi və öz xalqının mənafeyinə biganəliyi ucbatından təcavüz və terror siyasəti geniş miqyas aldı. Ermənistan ərazisindən qovulmuş qaçqınların Dağlıq Qarabağda məskunlaşmasının hər vasitə ilə qarşısının alınması, Dağlıq Qarabağın ayrı-ayrı yaşayış məntəqələrində yerləşə bilmiş qaçqınların oradan zorla çıxarılması, DQMV üzrə Xüsusi İdarəetmə Komitəsinin yaradılması muxtar qurumun Azərbaycanın tabeliyindən çıxarılması üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdi.
1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul etdi. Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün bir sıra addımlar atıldı. Vilayətdəki müəssisə və idarələr Ermənistanın nazirlik və baş idarələrinə tabe edildi. Vəziyyət son dərəcə kəskin şəkil aldı. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə həyasızcasına edilən qəsdlərin qarşısının alınmaması respublikada böyük etiraz dalğası doğurdu. SSRİ və Azərbaycan SSR rəhbərliyinin Azərbaycanın mənafelərinə zidd olan siyasətinə kəskin etirazını bildirən xalqın müqavimət əzmini qırmaq, milli heysiyyatını tapdalayaraq ona ağır mənəvi zərbə vurmaq məqsədi ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna qoşun hissələri yeridildi, dinc əhaliyə divan tutuldu, yüzlərcə insan qətlə yetirildi, yaralandı, itkin düşdü.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilsə də, müstəqil dövlətin əsas atributlarından olan ordunun qurulması istiqamətində planlı və ardıcıl iş aparılmadı. O vaxt respublikada mövcud olan siyasi vəziyyət, hərc-mərclik və hakimiyyət davası Ermənistanın Azərbaycana qarşı açıq təcavüzünün qarşısını almaq, ölkənin ərazi bütövlüyünü qorumaq, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyni təmin etmək üçün qətiyyətli tədbirlər görülməsinə imkan vermədi.
Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsini başa çatdırdıqdan sonra Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana ilhaq etmək üçün fəal döyüş əməliyyatlarına başlanmışdır. Qüvvələr bərabər deyildi. Nizami ordusunu təşkil etməyə macal tapmamış əliyalın azərbaycanlı əhali əvvəlcədən xüsusi hazırlıq keçmiş erməni silahlı birləşmələri, xarici ölkələrdən gətirilmiş muzdlu dəstələr və keçmiş sovet ordusunun tör-töküntüləri ilə üz-üzə dayanmışdı. Nəticədə Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çoxu əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd, qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgələrindən qovulub didərgin salınmış azərbaycanlıların sayı 1 milyondan çoxdur.
Məlum olduğu kimi, davakar erməni millətçiləri qonşu dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına qarşı ərazi iddialarına haqq qazandırmaq, qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətini pərdələmək üçün guya ermənilərin 1915-ci ildə soyqırımına məruz qaldıqları barədə uydurmalara istinad edirlər. Beləliklə, təcavüzkar və cinayətkar özünü təcavüzün və cinayətin qurbanı kimi qələmə verərək beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhdlər göstərir.
Təəssüf ki, ayrı-ayrı dövlətlərin parlamentləri Xocalı faciəsi kimi real soyqırımını görməməzliyə qoyaraq, yalançı erməni təbliğatının təsiri altında, yaxud siyasi konyunktura mülahizələri ilə “erməni soyqırımı” əfsanəsini müzakirə mövzusuna çevirir, hətta bu barədə əsassız və ədalətsiz aktlar qəbul edirlər.
Davakar erməni millətçiliyinə qarşı dövlət səviyyəsində mütəşəkkil müqavimət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qurulmuşdur. “Azərbaycanlıların soyqırımı haqqında” ulu öndərin 1998-ci il 26 mart tarixli fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan vermişdir. Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların – soyqırımlarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmışdır.
Bu fərmanda “böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunu tarix boyu bu ərazilərin yerli sakinləri olmuş xalqların, o cümlədən azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yerli adlarının dəyişdirilməsində görmüş davakar erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Fərmana əsasən 31 mart günü son yüz ildən artıq dövrdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət etmiş, Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirmişdir. Dövlət başçısının sərəncamı ilə bu il Xocalı soyqırımının 20-ci ildönümü qeyd edilir.
Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar xüsusi bəyanatlar və müraciətlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX–XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir. Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün görülən işlərin artıq ilkin nəticələri vardır. İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqının, Meksika və Pakistan parlamentlərinin müvafiq qərarlarında Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir.
Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, Xocalı faciəsi haqqında məlumatlar orta məktəb proqramlarına daxil edilmişdir.
Azərbaycan Respublikasının gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətini artırması Xocalı soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır. Bu gün Azərbaycanın hərbi sahəyə ayırdığı xərclər Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Ermənistan nə hərbi sahədə, nə də digər sahələrdə Azərbaycanla müqayisə edilə bilməz. Ölkəmizin ərazi bütövlüyünü təmin etmək, davakar erməni millətçiliyi təhlükəsinə birdəfəlik son qoymaq üçün dövlətimizin bütün imkanları vardır. Lakin biz bu problemin sülh yolu ilə nizama salınmasına çalışırıq. İnanırıq ki, sülh danışıqlarının potensialı hələ tükənməmişdir.
Məlum olduğu kimi, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədi ilə beynəlxalq səylər 1992-ci ilin mayında ATƏT-in Minsk qrupunun yaradılması və gələcək sülh konfransının mandatının müəyyən edilməsi ilə başlanmışdır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bu qətnamələr münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil etmişdir. 1994-cü ildə ATƏT-in Minsk qrupunun həmsədrləri simasında münaqişənin nizama salınması mexanizmi təsbit edilmişdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyası hazırda Minsk qrupunun həmsədrləridir.
2005-ci il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının iclasında Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məruzə dinlənilmiş və AŞPA-nın münaqişəyə dair mövqeyini əks etdirən qətnamə və problemin həlli istiqamətində təşkilatın həyata keçirə biləcəyi tədbirlərə dair Avropa Şurasının Nazirlər Komitəsinə ünvanlanmış tövsiyə qəbul edilmişdir. Bu sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, Dağlıq Qarabağ bölgəsinin separatçı qüvvələrin nəzarətində olması və həmin ərazilərdə etnik təmizləmə aparılması faktları öz əksini tapmışdır.
Bu gün hamı anlayır ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, əzəli torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı olmayacaq və mövcud imkanların hamısından istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır. Əminəm ki, Ermənistan da gec-tez bunu anlayacaq, tarix boyu heç zaman ona məxsus olmamış Azərbaycan torpaqlarını xoşluqla, ya da zor gücünə geri qaytaracaqdır. Buna da əminəm ki, Xocalı şəhidlərinin və digər şəhidlərimizin qanı yerdə qalmayacaq, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərinin ideoloqları, təşkilatçıları və icraçıları öz cəzalarına çatdırılacaqlar. Sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyafət müəllim. Xahiş edirəm, çıxış etmək istəyənlər yazılsınlar. Fəzail İbrahimli, buyurun.
F. İbrahimli. Hörmətli Sədr, hörmətli həmkarlar, dəyərli mətbuat nümayəndələri! Bu gün tariximizin ən ağrılı və acılı səhifələrindən biri haqqında danışırıq. Ziyafət müəllimin məruzəsində nəinki Xocalı faciəsinə, ümumiyyətlə, tariximizin ən ağrılı məqamlarına diqqət yetirildi və kifayət qədər elmi, məntiqi və siyasi fikir söylənildi.
Mən də istərdim, bəzi məqamları diqqətə çatdırım. Əvvəla, Xocalı faciəsi artıq Azərbaycanın xarici siyasətinin tərkib hissəsinə çevrilib. Bu faciənin dünyaya çatdırılması sahəsində kifayət qədər addımlar atılıb. Bu məsələ ilə bağlı hörmətli həmkarımız Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək istərdim. “Xocalıya ədalət” şüarı altında atılan addımlar nəinki Xocalı faciəsinin dünyaya çatdırılmasında, deyərdim ki, bu gün bir çox parlamentlərdə Xocalı faciəsi ilə bağlı qərarların qəbul edilməsində önəmli rol oynamışdır.
Xocalı faciəsi haqqında danışan zaman Milli Məclisin bu sahədəki uğurunu da qeyd etmək istərdim. İstər rəhbərliyin, istərsə də ayrı-ayrı dostluq qruplarının, ayrı-ayrı deputat həmkarlarımın bu sahədəki fəaliyyəti uğurlu nəticələr vermiş və dünyanın bir sıra parlamentləri bu məsələ ilə bağlı artıq öz sözlərini deyə bilmişlər.
Hörmətli həmkarlar, biz Xocalı faciəsi ilə bağlı danışan zaman ilk növbədə erməni vəhşiliyini daha çox diqqətə çəkirik. Təbii ki, dünya ictimaiyyətinə çatdırmaq nöqteyi-nəzərindən bu, vacib amildir. Ancaq biz Xocalı faciəsi ilə bağlı danışan zaman ilk növbədə onun ibrət dərslərinə diqqət yetirməliyik. Nədir Xocalı faciəsinin ibrət dərsləri? Xocalı faciəsinə dövlətlərin laqeyd münasibəti sübut etdi ki, dünya beynəlxalq hüquq normalarına deyil, gücə və zora söykənir. Nə yaxşı ki Azərbaycanın iqtisadi, hərbi qüdrəti var, əks-təqdirdə bizim müstəqilliyimizə qarşı mənfur baxışlar çoxdan ciddi problemlər törədərdi.
İkinci, Xocalı soyqırımına qarşı dünya dövlətlərinin laqeyd münasibəti onu da sübut etdi ki, Avropa demokratiyasının mahiyyəti nədir. Buna hələ 100 il bundan qabaq Əhməd bəy Ağayev çox maraqlı bir cavab vermişdi. O yazırdı ki, Avropa demokratiyası Avropa fabriklərinin İran bazarını dolduran üzü bəzək, içi çürük şeylərindən başqa bir şey deyilmiş. Bu fikir bu gün də öz aktuallığını saxlayır. Xocalı soyqırımı sübut etdi ki, vətən, dövlət, millət məsələlərində ölkə, xalq bir olmalıdır. Xocalı soyqırımının baş verməsində Azərbaycandakı daxili çəkişmələrin kifayət qədər həlledici rol oynaması bu gün bizim üçün bir ibrət dərsi olmalıdır. Azərbaycan xalqı öz tarixi taleyini, problemlərini həll etmək, işğaldan azad olmaq üçün həmişə bir olmalıdır.
Xocalı faciəsi ilə bağlı danışan zaman belə bir sual meydana çıxır. Bu, taleyin bizə verdiyi bir faciədir, yoxsa hər hansı bir zaman kəsiyində baş verən bir hadisədir? Məsələləri diqqətlə nəzərdən keçirəndə suala belə cavab vermək olar ki, Azərbaycanın geosiyasi vəziyyəti, dünya dövlətlərinin ölkəmizə marağı və bu maraqlar altında gizlənmiş məkrli niyyətlər Xocalı soyqırımının törədilməsinə gətirib çıxarmışdır.
Tarixi məqamlara fikir verək. Bir ay bundan əvvəl biz yanvar faciəsinin 20 illiyini qeyd etdik. Bu gün Xocalı soyqırımının anım gününü keçiririk. Bir aydan sonra mart soyqırımını keçirəcəyik. Aprel ayının əvvəllərində Kəlbəcər faciəsi, sonunda Azərbaycan Demokratik Cümhuriyyətinin süqutu gəlir. May ayında Şuşanın, Laçının işğalını qeyd edəcəyik. 12 ayımızın hər biri zədələnmişdir. Sual olunur, bu, Azərbaycan xalqının acizliyi, yoxsa hər hansı bir mərkəzdən idarə olunan prosesdir.
Bir məqama da diqqət yönəltmək istərdim. 1918-ci ildə mart soyqırımının törədildiyi məqama baxın. Azərbaycan xalqının milli mənlik şüuru yüksəlmiş, çar imperiyası parçalanmış, müstəqillik əldə etmək üçün xalq öz azadlığı uğrunda mübarizəyə qalxmışdır. Bu zaman xalqın gözünü qorxutmaq üçün mart soyqırımı törədildi. 1990-cı ilin sonunda Azərbaycan yenə milli azadlıq uğrunda mübarizəyə qalxan zaman yanvar faciəsi törədildi. Fevral faciəsi, Xocalı soyqırımı nə vaxt törədildi? Azərbaycan müstəqillik əldə edəndən sonra, yenə o iti caynaqlar bu müstəqilliyə uzandı, Azərbaycan xalqını yenə də özündən asılı vəziyyətə salmaq üçün bu məsələlər gündəmə çıxarıldı.
Bu haradan idarə olunur, necə olur, bu hadisələr baş verir? Fikir verin, 1906-cı ildə arxasında çar Rusiyasının, 1918-ci ildə bolşevik Rusiyasının durduğu ermənilər bu faciəni törətdilər. 1990-cı ildə isə artıq kommunist Rusiyası ermənilərin arxasında duraraq bunu təkrar etdi. Nəhayət, 1992-ci ildə artıq İmperiya parçalanmış, demokratik Rusiya yaranmışdı. Fevral faciəsi məhz 366-cı alayın köməyi nəticəsində həyata keçirildi. Deməli, bu, mərkəzdən idarə olunur, sifarişçilər də, icraçılar da eyni adamlardır. Baxın, Xocalı soyqırımına gedən tarixi yolun mahiyyəti budur.
Bu sifariş, bu ideya haradan başlayır? Bunun siyasi əsası hələ 1721-ci ildə qoyulmuşdur. Bu, I Pyotrun Gilanda, Mazandaranda, Bakıda, Təbrizdə və digər yerlərdə yerli əhalinin sıxışdırılıb çıxarılması hesabına erməni dövlətinin yaradılması ideyasından doğub.
Bu gün biz bu məsələlərdən danışan zaman xüsusi bir məqamı həmişə diqqətimizdə, qəlbimizdə, ruhumuzda saxlamalıyıq. Şimaldan, Cənubdan, Şərqdən, Qərbdən bizə uzanan mənhus əllərin, baxışların, iti caynaqların qarşısında durmaq üçün bu millət, bu dövlət bir olmalıdır, siyasi sabitlik qorunub saxlanılmalıdır. Dövlətimiz nə qədər güclü və qüdrətli olarsa, o şəhidlərin ruhu da bir o qədər şad olar. Müstəqilliyimizin əbədi və əzəli olması bu yolda tökülən qanların reallaşmasına gətirib çıxara bilər.
Nəhayət, mən fikrimi Üzeyir Hacıbəyovun bir kəlamı ilə tamamlamaq istərdim. O, 1918-ci ildə mart soyqırımının bir illiyi münasibəti ilə yazırdı ki, biz hər dəqiqə və hər an hazır olmalıyıq. Bizim borcumuz bu məmləkəti xarici istilalardan qorumaq, bizim vəzifəmiz bu məmləkəti şərəflə yaşatmaqdan ibarətdir. Məmləkəti şərəflə yaşatmaq üçün hər kəs vicdanla bu dövlətə, bu millətə xidmət etməlidir. Qoy ölənlərin ruhu şad olsun, qoy Azərbaycan dövləti güclü, qüdrətli olsun, qoy Azərbaycan xalqı azad və firavan yaşasın, hər bir kişi özünü evində bəy, hər bir qadın özünü evində xanım hiss eləsin. Allah ölənlərə rəhmət eləsin!
Sədrlik edən. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, 5 dəqiqəyə keçərik. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Ziyafət müəllim məruzəsində son 100 ildən artıq bir dövrdə azərbaycanlıların, ümumiyyətlə, türklərin başına gətirilən faciələrlə bağlı ətraflı məlumat verdi və bu hadisələrin istər xronologiyası, istərsə də siyasi və hüquqi əhəmiyyəti barədə fikirlərini bildirdi. Mən də bununla bağlı bir neçə təklifimi vermək istəyirəm, çünki Xocalı faciəsi yalnız insanlığa qarşı deyil, eyni zamanda, bir millətə, bir xalqa qarşı törədilən cinayətdir. Xocalıları ona görə məhv edirdilər ki, onlar azərbaycanlılardır, türklərdir, müsəlmanlardır. Bax, biz buna bu istiqamətdə yanaşmalıyıq. Xocalı faciəsini beynəlxalq ictimaiyyətə çatdıranda bu məsələləri bir daha qeyd etməliyik.
Burada hörmətli Fəzail müəllim bir neçə məsələni qeyd elədi. Biz bu yaxınlarda Azərbaycanın müstəqilliyinin 20 illiyini qeyd etdik. 20 illik müstəqillik tariximizə baxanda görürük ki, Azərbaycan postsovet ölkələri arasında öz müstəqilliyini ən pis vəziyyətdə elan elədi. Azərbaycan o ölkələr arasında müstəqillik dövründə ən çox əziyyət, əzab çəkən dövlətlərdən biridir. Ona görə ki, Azərbaycanı idarə edənlər, Azərbaycana rəhbərlik edənlər yerində olmayan şəxslər idi. Bu şəxslər tərəfindən düzgün aparılmayan siyasət nəticəsində Azərbaycanda bu hadisələr baş verdi. Özü də hər iki tərəfin – həm hakimiyyət uğrunda mübarizə aparanların, həm də hakimiyyətdə olanların vəzifə səlahiyyətlərini yerinə yetirməmələri nəticəsində, bax, bu faciələr baş verdi.
Bu yaxınlarda Rusiyada prezidentliyə namizədlərdən biri açıq-aşkar söylədi ki, bu gün Ermənistan bizə həm Cənubi Qafqaz dövlətlərinə, həm də Türkiyəyə təsir vasitəsi kimi lazımdır. Bəli, bu gün Ermənistan ayrı-ayrı dövlətlərin əlində digər dövlətlərə təsir göstərmək üçün bir vasitədir. Yəni bu, dövlət deyil, burada yaşayan insanlar bir xalq deyil. Bunlar bir vasitədir ki, hərdən ara qarışdırmaq lazım olanda ayrı-ayrı dövlətlər bundan istifadə edirlər. Bir ölkə müstəqilliyini elan etdikdən sonra ona qarşı mübarizə aparmaq lazım olanda Ermənistan yada düşür və ondan istifadə olunur.
Mən hesab edirəm ki, biz bu gün çox düzgün olaraq soyqırımı ilə bağlı real faktları bütün dünyaya çatdırırıq. Cənab Prezident Xarici İşlər Nazirliyində diplomatlar qarşısında çox gözəl bir məsələ qoymuşdu ki, artıq Azərbaycanın xarici siyasəti müdafiə deyil, hücum xarakterində olmalıdır. Biz artıq bunun bariz nümunəsinin şahidiyik. Ayrı-ayrı ölkələrin parlamentlərində artıq Xocalı faciəsi müzakirə olunur və soyqırımı kimi qəbul edilir.
Hörmətli həmkarımız Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən aparılan işlər çox təqdirəlayiqdir və bunlar artıq bütün bəşəriyyətdə əks-səda doğurur. “Xocalıya ədalət” kampaniyası bir neçə il bundan qabaq başladı və artıq bütün dövlətlərdə, islam dövlətlərinin parlamentlərində Xocalı faciəsi soyqırımı kimi səsləndirilir. Yəni mən hesab edirəm ki, bu işlərin hərtərəfli aparılması vacib və zəruridir.
Mən hesab edirəm ki, indi biz məhkəmələrin keçirilməsini də ortaya qoya bilərik. Artıq onların axtarılması, tapılması ilə bağlı Azərbaycan məhkəməsi qərar verməlidir ki, biz beynəlxalq təşkilatlara, ayrı-ayrı yerlərə müraciət edə bilək. Bu lazımdır, bu, tarixin ibrət dərsi olmalıdır. Tarixin ibrət dərsindən biri də o olmalıdır ki, onlarla yanaşı, “sapı özümüzdən olan baltalar”ın da adları orada hallansın. Onların Xocalı faciəsində, Azərbaycanın işğal olunmuş ərazilərində olan “fəaliyyətləri” göz qabağında qalmalıdır.
Bu gün Azərbaycanın faciəsindən danışmaq əvəzinə ölkəmizin, Azərbaycan dövlətçiliyinin əleyhinə, Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərə qarşı kampaniya aparan insanlar var. Xocalı faciəsini törədən və orada dolayısı ilə iştirak edən insanlar bilməlidirlər ki, bu gün Azərbaycan xalqının deyil, ayrı-ayrı dövlətlərin, ayrı-ayrı millətlərin maraqlarına xidmət edirlər. Mən hesab edirəm ki, biz onların hamısını adbaad sadalamalıyıq.
Qeyd etməliyik ki, öz adını siyasi partiya rəhbəri qoyan Əli Kərimli Azərbaycan xalqının maraqlarını satmaqla məşğuldur. O, Azərbaycan siyasətinə satqınlıq simvolunu gətiribdir. Vaxtilə Elçibəyi, ondan sonra ətrafında olanları satdı. İndi də Azərbaycanın maraqlarını satmaqla məşğuldur. Azərbaycan–Türkiyə arasında olan əlaqələrlə bağlı çıxış edir. Bu günə qədər Xocalı faciəsi, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı bir sətir yazmayan, bir məqalə çap eləməyən bir insan bu gün bizim Türkiyəyə hansı dəstəyi verməyimizdən yazır. Bizim Türkiyəyə dəstəyimiz göz qabağındadır. Milli Məclis qərar qəbul elədi, bəyanat verdi. Azərbaycan–Fransa parlamentlərarası işçi qrupunun rəhbəri hörmətli Mehriban xanımın səyi ilə 77 deputat Fransanın Konstitusiya Məhkəməsinə müraciət elədi. Məhz həmin deputatlardan bir qrupu Türkiyəyə yox, Azərbaycana gəldilər. Bundan artıq nə işlər görülməlidir ki?
O özü sadalasın, görək, hansı işləri görüb, hansı addımı atıb? Bəli, sadalaya bilər ki, ermənidən pul alan, Azərbaycan xalqının maraqlarını satan Ruslan Bəşirliləri yetişdirib. Gənclər qarşısında çıxış eləyir. Gənclərə nə tərbiyə verəcək, nə öyrədəcək? Gəncləri öyrədir ki, küçələri dağıtsınlar, xalqın əmlakına ziyan vursunlar, ermənidən pul alsınlar. Bu gün özü ayrı-ayrı dövlətlərdən necə pul alıb Azərbaycanın əleyhinə işləyirsə, həmin qaydada da gəncləri öyrətmək istəyir. Mən buradan gənclərə müraciət edirəm ki, baxın, bu gün Xocalı faciəsinin 20 illiyi ərəfəsində bu cür adamlar Xocalıdan bir kəlmə danışmırlar, amma Azərbaycanda keçirilən ayrı-ayrı tədbirlərin qarşısını almaqdan ötrü xarici dövlətlərdən üsul və vasitələr axtarırlar.
Elələrinin adları o siyahıda sadalanan ermənilərlə eyni cərgədə çəkilməlidir, çünki onlar bu gün Azərbaycana ermənilərdən daha çox ziyan vururlar. Onlardan istifadə edən dövlətlər Azərbaycanın, Azərbaycan xalqının əleyhinə işləyirlər. Azərbaycanın ərazi bütövlüyü məsələsində, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasında ayrı-seçkilik olmamalıdır. Hamı bir yumruq olmalıdır ki, vətənimizin müdafiəsini həyata keçirək. Bu gün Azərbaycan ordusu üçün olmazın böhtan atırlar, yalan məlumatlar yazırlar və ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edirlər. Hesab edirəm ki, bu bizə bir ibrət dərsi olmalıdır. Azərbaycan cəmiyyətində bu cür insanlar olmamalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Xocalı soyqırımı erməni faşistləri tərəfindən təkcə Azərbaycan xalqına qarşı deyil, son dövrlərdə bütün bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətlərdən biridir. Ona görə də uşaq, ana qatilləri, bu qətliamın ideoloqları, təşkilatçıları və icraçıları layiqli cəzalarını almalıdırlar. Son illərdə bu işlərin sistemli şəkildə aparılmasını müsbət qiymətləndiririk. Hər il 30-dan artıq ölkədə Xocalı soyqırımı qeyd olunur. Bu işin genişləndirilməsi istiqamətində bir sıra təkliflərin verilməsini də vacib hesab edirik.
Son günlərdə Xocalı soyqırımı ilə əlaqədar təşkil edilən tədbirlərdən mənə ən çox təsir edəni “Xocalı uşaqların gözü ilə” rəsm sərgisi oldu. Bu sərginin təşkilatçılarına təşəkkür edirəm. Həmin rəsm əsərlərinin yüzü Moskvada göstəriləcək. Təklif edirəm ki, Avropa ölkələrində də “Xocalı uşaqların gözü ilə” adlı sərgi təşkil olunsun.
İkinci təklifim ondan ibarətdir ki, Xocalı soyqırımının bütövlükdə dünyaya çatdırılması istiqamətində işləri genişləndirməkdən ötrü beynəlxalq konfransın çağırılmasına ehtiyac var. Həmin konfransın sənədlərinin müxtəlif dillərə tərcümə olunub yayılmasını vacib hesab edirəm. Eyni zamanda, Milli Məclis ötən dövrlərdə Xocalı soyqırımı ilə bağlı çox sanballı sənədlər ortaya qoyub. Mən təklif edirəm ki, Milli Məclis Sədrinin giriş sözü, Sədrin birinci müavininin məruzəsi, burada səslənən çıxışların əsas məqamları xarici dillərə tərcümə olunsun, bilgisayar texnologiyasının imkanlarından istifadə edilərək onların bütün dünyaya yayılması istiqamətində sistemli bir iş aparılsın.
Son dövrlərdə 30-dan artıq ölkədə görülən işləri müsbət qiymətləndirməklə yanaşı, bu günlərdə Azərbaycanla Türkiyənin Xocalı soyqırımı ilə bağlı gördüyü birgə tədbirləri xüsusi qeyd etməliyik. Doğrudan da, fikirdə, sözdə, işdə qardaşlıq nümunəsi burada aydın şəkildə görünür. Çox istərdim ki, bu istiqamətdə xüsusi bir proqram, plan hazırlansın və Xocalı soyqırımını beynəlxalq aləmə çatdırmaqda Azərbaycanla Türkiyə birgə hərəkət etsin.
Tədbirlər zamanı maraqlı bir ideya irəli sürüldü, onu burada səsləndirmək istərdim. Qondarma soyqırımı istiqamətində nə qədər yalanlar danışılsa da, biz öz həqiqətimizi müasir texnologiyaya əsaslanan formalardan əlavə ənənəvi üsullarla da dünyaya çatdıra bilərik. Dünyanın məşhur rejissorları, artistləri, prodüserlərinin iştirakı ilə, sözün həqiqi mənasında, dünyada əks-səda yaradacaq Xocalı soyqırımına dair bir filmin çəkilişinə ehtiyac var.
Eyni zamanda, Xocalı soyqırımı ilə bağlı görülən işləri müsbət qiymətləndirməklə yanaşı, həm də o işləri genişləndirmək üçün xüsusi soyqırımı fondunun yaradılmasını vacib hesab edirəm. Ona görə ki, bu proseslərin lazımi dərəcədə maliyyələşdirilməsi üçün kifayət qədər imkanlar olmalıdır.
Təklif edərdim ki, erməniləri və onların arxasında duranları ifşa etmək üçün ermənilərin Xocalı soyqırımını törətmələri barədə dedikləri insanlığa layiq olmayan ifadələr əsas dillərə çevrilib dünyaya yayılsın. Bu, beynəlxalq ictimaiyyətə çatdırılması zəruri olan məsələlərdən biridir. Xocalı soyqırımında ziyan çəkmiş insanların dilindən çıxan ifadələrlə Xocalı soyqırımında iştirak edən ermənilərin sözləri üst-üstə düşür. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, çox gözəl təkliflərdir. Bu gün hər birinizə Xocalı soyqırımı haqqında kiçik bir kitab paylanılıb. Bu, Milli Məclisin, millət vəkillərinin bu istiqamətdə gördüyü işlərlə əlaqədardır. Biz bu işi davam etdirə bilərik.
Hörmətli millət vəkilləri, bugünkü iclasın yekunu olaraq bir qərar layihəsi hazırlamalıyıq. Mən təklif edirəm, həmişə olduğu kimi, Ziyafət Əsgərovun rəhbərliyi ilə Çingiz Qənizadə, Mübariz Qurbanlı, Fuad Muradov, Rasim Musabəyov və Jalə Əliyevadan ibarət tərkibdə bir komissiya təşkil edək. Etiraz yoxdur ki? Qəbul olunur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sağ olun. Buyursun Aydın Mirzəzadə.
A. Mirzəzadə. Vaxtilə ancaq Azərbaycan xalqının faciəsi olan Xocalı soyqırımı zaman keçdikcə bəşəriyyətin ən ağır insan faciələri siyahısında önəmli yerlərdən birini tutub. Bu gün Xocalı soyqırımı İkinci dünya müharibəsində yəhudilərə qarşı alman faşistlərinin törətdiyi Xolokost faciəsi ilə yanaşı çəkilir. Erməni hərbi dəstələrinin Xocalı soyqırımını törətməkdə məqsədi ilk növbədə Azərbaycan xalqında bir xof yaratmaq, hakimiyyətsizliyin hökm sürdüyü və perspektivi görünməyən bir bölgədə qısa zamanda Azərbaycan torpaqlarına sahib olmaq idi.
Xocalı şəhərini hərbi yolla almağa, əslində, heç bir ehtiyac yox idi. Silahı olmayan, Azərbaycanın digər ərazisi ilə əlaqəsi kəsilən, mühasirə vəziyyətində olan dinc bir şəhərin əhalisinin, sadəcə olaraq, humanitar bir koridor yaratmaqla oradan çıxarılmasına şərait yaratmaq olardı. Ancaq dinc şəhərə gecə vaxtı böyük bir hərbi hissənin bütün texnikasını tökməklə ahılları, qadınları, uşaqları vəhşicəsinə öldürməklə erməni millətçiləri faktiki olaraq özlərinin daxili simasını açmış oldular. Heç də təsadüfi deyil ki, bir qədər sonra erməni millətçiliyinin ideoloqlarından biri, Ermənistanın məşhur yazıçısı Zori Balayan özünün Xocalı faciəsində birbaşa iştirakına dair xatirələrini açıq şəkildə bölüşdü.
Ermənistanın indiki prezidenti Serj Sarkisyan isə müsahibələrinin birində “biz azərbaycanlıların inanmadığı bir işi gördük, biz stereotipi dağıtdıq, dinc xalqa qarşı əl qaldırdıq” – deyə bir bəyanat verdi. Bunların hamısı göstərdi ki, biz çox təhlükəli, qaniçən, heç bir beynəlxalq qanunları tanımaq istəməyən bir düşmənlə üzbəüzük. O düşmən ki, onun üçün beynəlxalq normalar yoxdur. O düşmən ki, onun üçün qanunlar, insanlıq, adi, elementar qaydalar yoxdur.
İstər-istəməz bir-birimizə sual edirik ki, Xocalı faciəsi baş verməyə bilərdimi? Əgər 1980-ci illərdə SSRİ-nin rəsmi rəhbərliyi erməni millətçilərinin Qarabağ iddiasına müdaxilə etməsəydi, baş verməyə bilərdi. Əgər Ermənistanın siyasi elitasında o zaman millətçi təfəkkürlərlə yanaşı, az-maz sağlam təfəkkürlü müəyyən qədər insanlar olsaydı, baş verməyə bilərdi. Əgər həmin illərdə Azərbaycan cəmiyyəti rəhbərsizlik, inkişaf proqramı olmayan bir şəraitdə yaşamasaydı, baş verməyə bilərdi. Əgər 1987-ci ildə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev böyük siyasətdən uzaqlaşdırılmasaydı, 1990-cı ildə Ayaz Mütəllibovun, sonra isə Xalq Cəbhəsi rəhbərləri tərəfindən Heydər Əliyevin Azərbaycanda böyük siyasətə qayıdışına min bir yolla maneçilik törədilməsəydi, baş verməyə bilərdi.
Xocalı faciəsi Ermənistanın vizit kartı, erməni xalqının, ziyalılarının üzərindən heç vaxt silinməyəcək qara bir ləkə oldu. Onlar Azərbaycan xalqını qorxutmağa, bir müddət Xocalı faciəsini, sadəcə, hərbi əməliyyat kimi qələmə verməyə çalışdılar. Bir müddətdən sonra Xocalı faciəsinin beynəlxalq əks-sədasını görərək bunun qarşısını almaq üçün kampaniyaya başladılar. Bu günlərdə erməni təbliğat maşını bir-birinin ardınca virtual aləmdə Xocalı ilə bağlı internet səhifələri yaradır. 8 dildə internet səhifələri var ki, onlar Xocalı faciəsinin gah Azərbaycanın özünün daxili siyasi mübarizəsi, gah da bir hərbi əməliyyat olması barəsində məlumatlar yayırlar. Amma alınmır, çünki dünya artıq erməni faşizminin iç üzünü tanımağa, ona qiymət verməyə başlayıb. Artıq 2 ölkə Xocalı faciəsini tanıyıb. Onlarca ölkə isə bunu etməyə hazırlaşır. Ermənistan bununla Azərbaycanı diz çökdürməyə, XIX əsrdə gördüyü işi, XX əsrdə bolşeviklərin – Stalinin, Mikoyanın köməkliyi ilə Azərbaycan torpaqlarını özününküləşdirmək siyasətini davam etdirməyə çalışdı. Amma bu alınmadı. Bugünkü Azərbaycan–Ermənistan yarışmasında Ermənistan birmənalı şəkildə uduzur.
Hörmətli Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasət Azərbaycanı qüdrətli bir dövlətə çevirdi. Bu gün Xocalı faciəsində Ermənistanın Azərbaycana vurduğu zərər, zərbə sərt bir şapalaq kimi Ermənistanın özünə dəydi. Azərbaycan isə bu mübarizədən başıuca çıxdı. Azərbaycan isə bu tarixi anları unutmayacağını və tarixdən nəticə çıxararaq güclü bir dövləti...
Sədrlik edən. Çox sağ olun, Aydın müəllim. Elmira Axundova buyursun.
E. Axundova. Çox sağ olun, cənab Sədr. Xocalı bizim qanayan yaramızdır. Xocalı qətliamından sonra həyatda sevinmək, azad nəfəs almaq çox çətindir. 1992-ci ilin dəhşətli fevral gecəsində eybəcər hala salınmış uşaqların cəsədləri və gənc anasının sinəsində süngüyə keçirilmiş iki aylıq körpənin xatirəsi bizi ömrümüzün sonuna qədər izləyəcəkdir.
Mən bu gün bir stereotip haqqında danışmaq istərdim. Bu da ondan ibarətdir ki, o vaxt Azərbaycan jurnalistləri, Azərbaycan ictimaiyyəti Xocalı faciəsi haqqında informasiya blokadasını yara bilməyib və öz həqiqətlərimizi dünyaya çatdıra bilməmişik. Bu, əslində, belə deyil. Mən ilk olaraq Çingiz Mustafayev, Mais Məmmədov, Nadir Zeynalov kimi jurnalistlərin adlarını yada salmaq istərdim. Onların dalınca qətliam yerinə gələn İngiltərənin məşhur “Frontlayn nyus” teleşirkətinin müxbiri R.Patrik öz verilişində görün nə dedi: “Xocalıda baş vermiş cinayətə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”.
Mən o vaxt Rusiya jurnalistlərinin bir neçəsini Bakıya dəvət etmişdim. Vadim Belıx adında jurnalistə çox minnətdaram. O vaxt 2 milyon tirajla çıxan məşhur “Известия” qəzetində “Поиск крови и слез” adında məqalə yazmışdı. Mən özümə borc bilirəm, bu məqalədən bir balaca sitat gətirim. O indi də aktualdır. Bu material 1992-ci ilin 14 mart tarixində çıxmışdı. Görün o vaxt o nə yazırdı: “1991-ci ilin oktyabrından etibarən gecələr alaydan döyüş növbəsinə getməyə başladılar. Amma yalnız zabitlər və köhnə qulluqçular, əsasən də, mexaniklər, sürücülər, bəzən də atıcılar BMP-lərdə, tanklarda özləri ilə top da götürürdülər. Səhərlər içkili vəziyyətdə və bütün hərbi sursat istifadə olunmuş şəkildə qayıdırdılar. Əsgərlər söyləyirdilər ki, onlar əvvəlcə “erməni boyevikləri” ilə birlikdə içirdilər, sonra da onların göstərişi ilə Azərbaycan kəndlərinə atəş açırdılar”. Bax, MDB ordusunun “neytrallığı” bu imiş.
Bundan əlavə, 366-cı alayın hərbi texnikasının erməni hərbi birləşmələrinin hücumuna atəşlə dəstək verməklə Xocalıya hücumda həlledici rol oynaması barədə də xeyli sübutlar vardır. Mən Britaniyadan olan jurnalist Anatol Levinin, “Sandi Tayms” qəzetində məqaləsi çıxmış amerikalı jurnalist Tomas Qoltsun, Litva jurnalisti Riçard Lopaytisin, Tatyana Çeladzenin adlarını çəkmək istərdim. Onlar o vaxt əsl qəhrəmanlıq göstərmişdilər.
Mənim yadımdadır, o vaxt 366-cı alayın törətdiyi hadisələrlə bağlı Zaqafqaziya hərbi dairəsi komandanının müavini general Bettayev press-konfrans keçirmişdi. Biz ondan soruşduq ki, necə ola bilər, rus alayı bu hadisələrdə iştirak etsin? O, inkar etmədi və dedi ki, ermənilərin rus alayında xidmət etməsi yanlış idi. Nəyə görə biz bu barədə indi danışırıq? Çünki rus hərbiçiləri etiraf edirlər ki, indinin özündə də Ermənistandakı rus hərbi bazasının şəxsi heyətinin 70 faizini ermənilər təşkil edirlər. Bu bazalar Rusiya Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq müasir hərbi texnika ilə möhkəmləndirilir, gücləndirilir. Nə vaxtsa Ermənistandakı hərbi bazanın ləğv edilməsi məsələsi ortaya çıxarsa, 1992-ci ildə olduğu kimi, 366-cı alaya aid hərbi texnikanın heç birinin Dağlıq Qarabağı tərk etməməsinə bənzər bir vəziyyət yarana bilər. Müharibə başlayarsa, necə əmin ola bilərik ki, bu rus bazalarının zabit və əsgərləri yenə də ermənilərlə birlikdə bizə qarşı silah işlətməyəcəklər? Bu, çətin suallardır. Biz bu suallara cavab verməliyik.
“Nə etməli?” sualına isə belə deyərdim. Xocalıda ölənlər və əzab görənlər bu gün bizə rahat olmağa imkan vermir. Bizim bütün diaspor nümayəndələrimiz, səfirliklərimiz çox böyük bir iş görürlər. Mən xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi altında “Xocalıya ədalət” adlı ümumdünya kampaniyasını yada salmaq istəyirəm. Təsəvvür edin ki, bu kampaniya saytının təqdimatı, “Xocalıya aparan yol” sənədli filminin nümayişi və bənzər tədbirlər dünyanın 40-dan çox nəhəng şəhərlərində və onlarca aparıcı universitetlərdə keçirilmişdir. Düşünürəm ki, ümumiyyətlə...
Sədrlik edən. Çox sağ olun. Elmira xanım, Siz təcrübəli deputatsınız, 5 dəqiqəni özünüz xahiş etmisiniz, ona görə vaxtınıza baxın. Asəf Hacıyev.
A. Hacıyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli media mənsubları! Bu gün tariximizin ən ağır günlərinin 20-ci ildönümünü qeyd edirik. Bir tarixi məqamı yada salmaq istəyirəm. 560 il bundan öncə 1453-cü ildə dünya tarixində böyük bir dönüş baş verdi. Mehmet Fateh o vaxtkı Konstantinopolu, indiki İstanbulu fəth etdi. Bu döyüşlərdə Bizans imperatoru Konstantin tələf oldu. Bunu görən Mehmet Fateh orada yaşayan insanlara müraciət edərək dedi: “Gedin, imperatorunuzu xalqınızın adət-ənənələrinə, mədəniyyətinə uyğun olaraq dəfn edin”. Bu, görəsən, 21 yaşında olan gənc döyüşçünün mədəniyyəti idi, yoxsa böyük imperiyanın başında duran imperatorun? Mən hesab edirəm ki, bu məhz insan dəyərlərinə əsaslanan və bu gün də inkişaf edən türk mədəniyyəti idi.
Bu hadisədən 560 il keçib və 20 il bundan öncə biz digər bir mədəniyyətlə rastlaşdıq. Silahsız olan qocalara, qadınlara, uşaqlara qarşı böyük bir soyqırımı baş verdi. Özü də bu, dövlət səviyyəsində baş verdi.
Bu gün dünyada nə baş verir? Müxtəlif dövlətlərin parlamentləri türk xalqına qarşı əsası olmayan qərarlar qəbul edir. Mən bu tribunadan o parlamentlərin üzvlərinə müraciət edirəm. Belə qərarları qəbul edəndə istərdim ki, 560 il bundan öncə Fatehin dediyi sözləri düşünsünlər, yada salsınlar və bəlkə bundan sonra belə qərarlar qəbul etməzlər. Bu gün Heydər Əliyev Fondu tərəfindən “Xocalıya ədalət” kampaniyasının həyata keçirilməsi 560 il bundan öncə deyilən sözlərdəki mədəniyyətin davamıdır. Bəli, bu da bir mədəniyyətdir və hamımız bu mədəniyyətlə fəxr edirik. Bizim istəyimiz nədir? Biz istəyirik ki, belə hadisələr təkrar olunmasın və dünya dövlətləri bunu soyqırımı kimi tanısınlar.
Bu gün elm və texnologiya elə sürətlə inkişaf edir ki, uzaq kosmosdan yerdə bir kvadratmetr ərazidə olan əşyanı görürlər və hətta onu idarə edirlər. Ancaq buna baxmayaraq, bu gün dünya Azərbaycanın 1 milyon qaçqınını, işğal olunmuş 20 faiz torpaqlarını, Xocalıda baş verən faciəni görmür. Yoxsa görmək istəmir?
Artıq bir neçə ölkə tərəfindən Xocalıda baş verən hadisələr tanınıb və hesab edirəm ki, Azərbaycan Prezidentinin çox doğru və düzgün siyasəti ilə bu proses inkişaf edir. Artıq İslam Əməkdaşlığı Təşkilatı dövlətləri tərəfindən Xocalı faciəsi tanınıb və bu proses daha da inkişaf edəcək.
Bilirsiniz ki, 2 gündən sonra İstanbulda “Hamımız xocalılıyıq” şüarı altında bir yürüş olacaq. Mən bu tribunadan İstanbulda olan bütün azərbaycanlılara, dostlarıma, tanışlarıma müraciət edirəm. Biz bu kampaniyada iştirak etməliyik. Fürsətdən istifadə edərək Xocalıda şəhid olmuş insanların ailələrinə baş sağlığı verirəm və xalqımıza səbirli olmağı arzulayıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Xocalıda törədilmiş faciə beynəlxalq cinayətdir və bu hamımıza bəllidir. Qeyd edim ki, həm Ziyafət Əsgərovun məruzəsində, həm də Milli Məclisin bizə təqdim etdiyi “Xocalı soyqırımı” adlı sənəddə Xocalıda törədilmiş soyqırımla bağlı indiyə qədər görülmüş işlər, eyni zamanda, bundan sonra qarşımızda duran vəzifələr açıq şəkildə öz ifadəsini tapıbdır.
Bu gün möhtərəm Prezidentin Xocalı soyqırımının 20 illiyi münasibəti ilə Azərbaycan xalqına müraciəti mətbuatda dərc olunubdur. Həmin müraciətdə də Xocalı soyqırımının törədilməsi və bunu törədənlərin cəzalandırılmasının zəruriliyi aydın şəkildə öz əksini tapıbdır. Qeyd edim ki, ilk dəfə olaraq Prezidentimizin müraciətində ermənilərin Xocalıda törətdikləri bu hadisələr faşist əməli kimi qeyd olunubdur. Bu, həqiqətən də, faşist əməli idi. Bu, erməni ideologiyasının zahiri tərəfi, zirvəsi, erməniçiliyin hansı əməllərə məxsus olduğunu göstərən bir hadisə idi.
Əlbəttə, ermənilər Xocalıya qədər də azərbaycanlılara, türklərə qarşı soyqırımı hadisələri törədiblər. Ümumiyyətlə, vəhşilik ermənilərin xislətindən irəli gəlir. Erməni tarixinə nəzər salsaq, buna aid çoxlu faktlar görə bilərik. Xocalıda bu vəhşiliyi törədənlər, əlbəttə, öz cəzasını alacaqdır. Bu soyqırımının dünyaya çatdırılması ilə əlaqədar xeyli iş görülüb, bundan sonra da görülməlidir. Mən əminəm ki, gördüyümüz bu işlər erməni diplomatiyasını və erməniləri seytnot vəziyyətinə salıbdır. Çünki hər dəfə Xocalı hadisələri ərəfəsində Azərbaycan tərəfinin, Azərbaycan hakimiyyətinin, ictimai-siyasi qurumların, o cümlədən Heydər Əliyev Fondunun beynəlxalq miqyasda Xocalı faciəsi və orada törədilmiş vəhşiliklə bağlı yaydığı materiallardan sonra erməni mətbuatında böyük bir təşviş görürük. Bu gün də bu təşviş hiss olunmaqdadır.
Ermənilər bu faciəni törətmələrinə bəraət qazandırmaq üçün müxtəlif vasitələrdən və öz havadarlarından istifadə edirlər. Ümumiyyətlə, biz Ermənistanla müharibə vəziyyətindəyik və müharibəmiz bitməmişdir. Ermənistanın öz ərazisinin 70 faizi qədər Azərbaycan torpağını işğal edib. Ermənistanın ərazisi 29 min kvadrat kilometrdir, amma Azərbaycanın 17,2 min kvadrat kilometr ərazisini işğal edilib. Belə olan şəraitdə bu işğalçı dövlət nəyin bahasına olursa-olsun, özünü müdafiə üçün müxtəlif vasitələrə əl atır, erməni lobbisindən, xaricdəki havadarlarından istifadə edir. Çox təəssüf ki, bəzi xarici təşkilatlar, bəzi siyasətçilər erməni havadarlarının qurduğu bu və ya digər tələyə düşür və bir sıra hallarda Azərbaycana təzyiq göstərmək, nə isə qopartmaq, Azərbaycanın yeritdiyi siyasətə təsir göstərmək üçün ermənilərin bu təbliğatından bizə qarşı istifadə edirlər.
Məsələn, Almaniyanın kütləvi informasiya vasitələrinə nəzər salaq. Həqiqi mediadan, ədalətdən danışırlarsa, Xocalı faciəsinin 20 illiyi ərəfəsində bu faciə ilə bağlı materiallara geniş yer verməli idilər. Amma çox təəssüf ki, bəzi iqtisadi, siyasi maraqlar naminə bu ölkənin kütləvi informasiya vasitələrinin Azərbaycan əleyhinə bu və ya digər materiallara geniş yer verdiklərini görməkdəyik. Çox təəssüf ki, Azərbaycanın daxilindəki bəzi siyasi qruplar, xalq arasında heç bir nüfuzu olmayan dairələr həmin xarici qüvvələrlə sinxron şəkildə fəaliyyət göstərirlər.
Burada Xocalının ibrət dərslərindən danışıldı. Ən böyük ibrət dərsi odur ki, ermənilərin bizə qarşı təbliğat aparmasının qarşısını almaq üçün birgə fəaliyyət göstərməliyik. Burada iqtidar, müxalifət söhbəti olmamalıdır. Hakimiyyətə çatmaq üçün bundan istifadə olunmamalıdır. Xocalı hadisələri bir tərəfdən Ermənistanın törətdiyi cinayətlərin ifşası, digər tərəfdən bizə bir ibrət dərsi olması üçün vasitədir. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mübariz müəllim, Almaniya mediasından danışdınız. Həqiqətən, “Eurovision”un Azərbaycanda keçirilməsini bəzi media nümayəndələrinin gözləri götürmür. Əsas hədəf də budur. Bu, göz qabağındadır, ancaq hesab edirik ki, bu, mümkün olmayan məsələdir. İlyas İsmayılov.
İ. İsmayılov. Çox sağ olun. Cənab Sədr, biz Ziyafət müəllimin çox maraqlı məruzəsini dinlədik. Çıxış edən millət vəkilləri də gözəl fikirlər söylədilər və maraqlı təkliflər irəli sürdülər. Mən də bu istiqamətdə bəzi fikirlərimi söyləmək istəyirəm və bir neçə təklifim var.
Əvvəla, tarixdə və həyatda mövcud olmayan bir hadisəni – 1915-ci ildə Osmanlı imperiyasının ermənilərə qarşı guya genosid siyasətini həyata keçirməsi haqqında yalanı erməni millətçiləri milli ideologiyalarına çeviriblər. Erməniləri həm Ermənistan sərhəddi daxilində, həm də dünyada bu ideologiyaya uyğun tərbiyə edərək psixoz səviyyəsinə gətiriblər. Beləliklə, Ermənistan adlı məkanı Azərbaycan və Türkiyə üçün yüksək təhlükə mənbəyinə çeviriblər. Özü də bu işi çox böyük inadkarlıqla aparırlar. Gebbelssayağı yalanı təkrar edə-edə həm özləri ona inanır, həm də başqalarını bu yalana inandırmağa çalışırlar.
Bu iş də iki mərhələdə həyata keçirilir. Əvvəlcə istəyirdilər ki, bu, dünya parlamentlərində etiraf olunsun. İndi artıq ikinci mərhələ başlayıb, yəni erməni genosidini tanımayanlara qarşı cinayət məsuliyyəti nəzərdə tutulan qanunlar qəbul etdirirlər. Belə bir qanun 1965-ci ildə Uruqvayda, 2003-cü ildə İsveçrədə və keçən il Slovakiya və Fransada qəbul olunub. Xocalıda və Dağlıq Qarabağda baş verən hadisələr bu ideologiyanın təzahür formasıdır. Ona görə biz bu ideologiyaya qarşı ciddi mübarizə aparmalıyıq.
Bunun üçün mənim bir neçə təklifim var. Biz Avropanın məşhur təşkilatlarına – ATƏT-ə, Avropa İttifaqına və parlamentlərə müraciət etməliyik ki, Avropa Birliyinə daxil olan dövlətlərin qanunvericiliyini öz standartlarına uyğunlaşdırsınlar. Yəni fikrə, düşüncəyə görə orta əsrlərdə mövcud olan vəhşiliyi XXI əsrə gətirməsinlər.
İkinci, hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi ATƏT-in gündəliyindən çıxarılmalıdır. Mən vaxtilə bu fikri söyləmişdim. Yəni ATƏT-in qərarları hüquqi xarakter daşımır, dövlətlər üçün məcburi deyil. Bu ancaq tövsiyə xarakteri daşıyır. Bayaq dediyim kimi, yalan ideologiyaya mənsub olan Ermənistan bu tövsiyələri qəbul etmir və etməyəcəkdir. Ona görə, hesab edirəm ki, bu məsələ ATƏT-dən alınıb BMT-nin Təhlükəsizlik Şurasına çıxarılmalıdır. BMT özünün 4 qərarının icrası ilə məşğul olmalıdır.
Üçüncü, hesab edirəm ki, BMT-nin də bu işdə fəaliyyəti nəticə verməsə, biz vaxt itirmədən bütün imkanlarımızı səfərbər edərək öz torpaqlarımızı erməni işğalçılarından təmizləməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Məlahət İbrahimqızı buyursun.
M. İbrahimqızı. Çox sağ olun, cənab Sədr. Mən də həmkarlarımın fikirlərinə qoşuluram və Xocalı faciəsində dünyasını dəyişən soydaşlarımızın, Azərbaycan torpaqlarının müdafiəsi zamanı canından keçmiş şəhidlərimizin ruhu qarşısında öz ehtiramımı bildirib, Allah rəhmət eləsin deyirəm. Əlbəttə, Xocalı ilə, Qarabağ həqiqətlərinin dünyada tanıtımı ilə bağlı dövlətimiz gündən-günə daha çox işlər görür. Bu işlərin nəticəsində biz bir sıra nailiyyətlər də əldə etmişik. Minnətdarlıqla qeyd etmək lazımdır ki, dövlətimiz və hökumətimizlə yanaşı, Heydər Əliyev Fondu bu istiqamətdə çox böyük işlər görmüşdür. Qısa müddət ərzində təkcə Heydər Əliyev Fondunun Rusiya Federasiyasından nümayəndəliyin rəhbəri möhtərəm Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində geniş fəaliyyət göstərmişdir. Nəticədə dünyanın ən nüfuzlu təşkilatı olan İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Xocalı faciəsi insanlıq cinayəti kimi qəbul olunmuşdur. Bunun məntiqi davamıdır ki, artıq Pakistan və Meksika kimi böyük dövlətlər Xocalının soyqırımı kimi tanınması ilə bağlı parlamentdə qətnamə və qərar qəbul etmişlər.
Qeyd etmək istəyirəm ki, artıq XXI yüz ildə dünya siyasətçilərin sözünü daha az eşidir, nəinki sənətin, mədəniyyətin, incəsənətin dilini. Bizim üçün bir gerçəklikdir ki, qısa müddət ərzində Heydər Əliyev Fondunun sayəsində Azərbaycan muğamının dünyada təbliğində, Qarabağ musiqisinin dili ilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında çox böyük nailiyyətlər əldə olunmuşdur.
Mən qısaca olaraq nə demək istəyirəm? Əlbəttə, hər birimiz bilirik ki, işğalçı Ermənistan dövlətinin bu faşist əməlini dəstəkləyən ayrı-ayrı ölkələr və liderlər 2015-ci ili Ermənistan üçün ən böyük hədəf ili, zirvə ili götürmüşlər. Bu da soyqırımı yalanına hüquqi don geyindirilməsi və bunu beynəlxalq səviyyədə tanıtmaqla bağlıdır. Bu mənada biz işlərimizi daha da sürətləndirməliyik, dünyanın dili ilə daha çox işlər görməyə çalışmalıyıq.
Mən bir neçə təklif vermək istəyirəm. Bu günlərdə Hollivudda məşhur kino ulduzu Anjelina Colinin iştirakı ilə Bosniyada baş vermiş faciəyə həsr edilən “Qan və bal torpağında” adlı filminin təqdimatı oldu. Bosniyalı müsəlman qadının obrazını yaratdığına görə ona ən yüksək mükafat verildi. Filmin çəkilişi zamanı ona hədsiz dərəcədə təzyiqlər, təhdidlər olmuşdu. Filmin maliyyə tutumu da 300 min dollara yaxın olmuşdur.
Bosniyada baş verən Srebrenitsa faciəsinin Avropada tanıdılmasında, Serbiya parlamentində etiraf olunmasında və qərar kimi qəbul olunmasında Fransa doğumlu Əlif Şəfəqin “Leyla” sənədli əsərinin çox böyük rolu olmuşdur. Mən bu təcrübədən istifadə edərək təklif edərdim ki, gələn il Azərbaycanda Xocalıya həsr olunmuş beynəlxalq film festivalı elan olunsun. Dünyanın ən tanınmış film studiyaları üçün müsabiqə olsun, Xocalı ilə bağlı ən yaxşı film Azərbaycan Respublikası tərəfindən mükafatlandırılsın. Mən hesab edirəm ki, belə filmlər, Qarabağ həqiqətlərinə həsr olunmuş əsərlər bu problemin tezliklə siyasi və hüquqi cəhətdən qiymətləndirilməsinə böyük dəstək verərdi. Çünki biz nə qədər deyiriksə, dünya bunu eşitmək istəmir. Bizim dilimizlə deyilən sözlərə bəzən onlar ikili standartlardan baxırlar. Beynəlxalq təşkilatların, xarici yazarların, sənət adamlarının, təşkilatların Xocalı və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün bizimlə həmrəy fəaliyyət göstərməsinin böyük təsiri ola bilər.
Mən fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, bu il Azərbaycanda “Eurovision” musiqi festivalı keçiriləcək. Bu musiqi festivalı ərəfəsində də Azərbaycanda, xüsusilə də paytaxtı Bakıda Xocalı və Qarabağ həqiqətlərini özündə əks etdirən...
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Xocalı faciəsi Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1988-ci ildə başlamış Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş verən soyqırımı olmuşdur. Xocalı faciəsi qəddarcasına törədilmiş faciələrlə eyni səviyyədə durur. Cinayətkar erməni və sovet qoşunlarının vəhşiliyi nəticəsində bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmiş, xeyli sayda insan öldürülmüş, qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qalmışlar. Bu faciə təkcə Azərbaycan xalqının deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Ermənilərin Xocalı şəhərini hədəfə almasında əsas məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, qədim çağlardan müasir dövrə qədərki tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.
Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə, Xocalı faciəsinə əsl soyqırımı hadisəsi kimi siyasi və hüquqi qiymət verməlidirlər. İslam Əməkdaşlığı Təşkilatının Xocalı soyqırımını tanıması, Meksika Senatının və Pakistan Senatının Xarici əlaqələr komitəsinin Xocalı soyqırımını pisləyən qətnamələri, Türkiyə Böyük Millət Məclisində faciə ilə bağlı bəyanatın qəbul edilməsi beynəlxalq aləmdə bu faciənin tanınması istiqamətində görülən müsbət işlərdir.
Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin, Milli Məclisin və Heydər Əliyev Fondunun müsbət işini xüsusilə qeyd etmək istərdim. Dövlətin, Milli Məclisin və hökumətin Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması və öz ata-baba yurdlarından didərgin düşmüş insanların hüquqlarının tanınması istiqamətində aparılan işlərin müsbət dinamikası bu gün qeyd olunmalıdır. Bu, şəksizdir. Ancaq bu iş daha təkmil, daha mütəşəkkil və qabaqlayıcı olmalıdır. Diaspor təşkilatlarının fəaliyyəti daha da gücləndirilməli, onların imkanlarından maksimum istifadə olunmalıdır. Hər il aprel ayının 24-ü yaxınlaşanda ermənilər bütün vasitələrdən maksimum istifadə edirlər ki, Amerika prezidenti senata müraciətində uydurma “erməni soyqırımı” ifadəsini işlətsin. Biz də çalışmalıyıq ki, hər il fevral ayından əvvəl bu məsələni daha çox diqqətə çatdıraq və dünya dövlətləri liderlərinin çıxışlarında Xocalı soyqırımı ifadəsi işlədilməsinə nail olaq.
Xocalı soyqırımı ilə əlaqədar hərbi prokurorluqda cinayət işi yekunlaşmaq üzrədir. Bu işdə cinayət işlətmiş şəxslər beynəlxalq axtarışa veriliblər. Biz bilirik ki, bu gün bunların İnterpol vasitəsi ilə Azərbaycana gətirilməsində çox ciddi problemlər var və bundan sonra da olacaqdır. Ona görə təklif edirəm ki, iş Azərbaycan məhkəməsinə göndərilsin. Qiyabi olsa da, onlara törətdikləri cinayətlərə görə hökm çıxarılsın. Ondan sonra isə onları beynəlxalq tribunallara vermək olar.
Digər bir təklifim odur ki, Xocalı soyqırımı ilə bağlı tədqiqat aparan əcnəbi mütəxəssislərin işlərinin dünyaya yayılmasında onlara real dəstək vermək lazımdır. Bu yaxınlarda Almaniyadan olan mütəxəssisin Azərbaycana gəlişi, kitabının təqdimatı və digər dövlətlərdə olan əcnəbi mütəxəssislərin kitab yazmaları təqdirəlayiqdir və bunu daha da genişləndirmək lazımdır.
Fevral ayının 26-da Türkiyənin Taksim meydanında Xocalı faciəsi ilə bağlı yürüş mitinq keçiriləcəkdir. Bu bir daha Azərbaycan–Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərir. Yaxşı olardı ki, Azərbaycanın iri şəhərlərində, o cümlədən Bakıda belə yürüş mitinqlərin keçirilməsinə icazə verilsin. Daha doğrusu, bu, Azərbaycan dövləti, hökuməti tərəfindən təşkil edilsin. Allah ölənlərə rəhmət eləsin! Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən hələ də İnterpol tərəfindən axtarışda olan erməni ideoloqlarından Zori Balayanın Xocalıda qətlə yetirilən türk balaları adlandırdığı uşaqların, anaların qətlinin ildönümü günündə bütün türk dünyasına başsağlığı vermək və bu gün Xocalı faciəsinin, ümumiyyətlə, Dağlıq Qarabağ hadisələrinin bir neçə hüquqi, tərbiyəvi və psixoloji aspektlərinə diqqətinizi cəlb etmək istərdim.
Bu gün beynəlxalq təşkilatlar daha çox barışdırıcılıq missiyası adı altında fəaliyyət göstərirlər. Əslində, onlar bir neçə məsələnin açıqlanmamasına və ümumiyyətlə, gündəmə gəlməməsinə çalışırlar. Məncə, bu məsələlərdən biri SSRİ qanunvericiliyinə görə Dağlıq Qarabağın özünü müstəqil elan etməsinin nə dərəcədə qanuna uyğun olması haqqında məsələdir.
İkinci məsələ bu münaqişədə Ermənistan Respublikasının beynəlxalq təşkilatlar qarşısında bir dövlət olaraq hüquqi məsuliyyət daşıması haqqında məsələdir. Bu iki məsələnin hüquqi aspektdən beynəlxalq təşkilatlar tərəfindən müzakirə olunması, əminəm ki, birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsinin və onunla bağlı bütün hadisələrin üzərinə yeni bir işıq salacaq.
Burada daha bir məqam, şübhəsiz ki, tərbiyəvi, psixoloji amillərlə bağlıdır. Bu gün biz çox gözəl başa düşürük ki, əslində, Xocalı faciəsi birmənalı şəkildə, zamanında Sovet ideologiyası tərəfindən azərbaycanlıların beyninə yeridilən bir neçə yanlış fikrin nəticələri kimi həyata keçdi. Bu fikirlərdən biri ondan ibarət idi ki, beynəlmiləlçilik hissləri milli hisslərdən üstündür. İkinci fikir ondan ibarət idi ki, sovet ordusu xilaskar ordudur və o heç zaman uşaqlara, qadınlara, mülki əhaliyə əl qaldırmaz. Üçüncü fikir ondan ibarət idi ki, ermənilər və azərbaycanlılar qardaşdırlar. Çox şükür ki, bu gün milli dövlətimizin və Heydər Əliyev Fondunun apardığı tərbiyəvi və psixoloji işlər nəticəsində artıq bütün dünyada olan azərbaycanlılar və eyni zamanda, bütün dünyanın insanları bu fikirlərin yanlış olduğunu və ermənilərin əsl üzünü gördülər.
Amma çox təəssüf, bu yanlış fikirlər yalançı Avropa demokratiyası tərəfindən bizim türk qardaşlarımızın beyninə elə yeridilmişdir ki, onların şüurunda hələ də yer almaqdadır. Bəli, bir neçə gündən sonra İstanbulda Taksim meydanında “hepimiz xocalılıyız” adlı yürüş keçiriləcək. Amma ondan bir neçə müddət öncə “hepimiz erməniyik” adlı bir yürüş keçirildi.
Çox istəyərdim ki, bizim türk həmkarlarımız Türkiyədə bu yanlış fikirlərin həqiqət işığında yox edilməsi üçün öz gəncləri və müxtəlif siyasi qüvvələri arasında müəyyən işlər görsünlər və birmənalı şəkildə bütün türk dünyasına bəyan etsinlər ki, bu gün Ermənistanın Konstitusiyasında Türkiyəyə qarşı hələ də torpaq iddiaları var və bu gün hələ də Ağrı dağı Ermənistanın gerbində onun rəmzi olaraq göstərilir.
Mən əminəm ki, bu cür işlərin aparılması birmənalı şəkildə bizim gələcəkdə aparacağımız mübarizənin həlledici məqamlarından birinə çevrilə bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, media nümayəndələri! XX əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş ən qanlı cinayətlərdən biri Xocalı faciəsidir. Bu faciə ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında mən bizim Milli Məclisin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Leyla Əliyevanın liderliyi ilə Heydər Əliyev Fondunun gördüyü işlər, Böyük Britaniyada qeydiyyatdan keçmiş Avropa–Azərbaycan Cəmiyyətinin fəaliyyəti də yüksək qiymətə layiqdir. Amma bu cinayətin törədilməsindən 20 il keçir və bu cinayəti törətmiş qatillər hələ də layiqli cəzalarını almayıblar.
Bu kimi cinayətlər baş verəndə beynəlxalq birlik, BMT Təhlükəsizlik Şurası xalqına qarşı cinayət işlənmiş ölkənin müraciətini gözləmədən müvafiq beynəlxalq tribunallar yaradır. Mən hesab edirəm ki, belə bir beynəlxalq tribunalın yaradılması üçün biz də müraciət etməliyik. Əlbəttə, mən o dərəcədə sadəlövh deyiləm ki, belə bir qərarın qəbul olunacağına inanım. Çünki biz gördük ki, Azərbaycan torpaqları işğal olunanda BMT Təhlükəsizlik Şurası həmin torpaqların qeyd-şərtsiz azad olunması, evlərindən didərgin salınmış insanların geriyə qaytarılması barədə qərar qəbul etsə də, həmin qərarı qəbul edən ölkələr işğalçıya təzyiq etmək əvəzinə ona hər cür yardım göstərməyə başladılar.
Ermənistana qarşı sanksiya tətbiq etmiş, sərhədlərini bağlamış yeganə ölkə Türkiyə idi. Biz bilirik ki, Türkiyənin Ermənistanla sərhədləri bağlaması Ermənistan üçün əhəmiyyətli iqtisadi məhrumiyyətlər yaratmır, bu, yalnız beynəlxalq hüquqa hörmət və Azərbaycana verilmiş mənəvi-siyasi dəstəkdir. Amma bunu da aradan qaldırmaq istəyirlər. Əvvəlcə bu işi görən ölkələr Qarabağ probleminin həlli üçün yaradılmış Minsk qrupunun həmsədrləri idisə, indi onlara Almaniya da əlavə olunub.
Sözün doğrusu, Almaniya son vaxtlar Azərbaycanda insan hüquqları ilə bağlı olan, olmayan problemlər barədə silsilə məqalələr dərc edəndə, verilişlər yayımlayanda mən fikirləşdim ki, xeyir ola, görəsən, yenə məqsəd nədir? Axı Liviya diktatoru Qəzzafi azadlıq istəyən xalqını qırıb, siçovul adlandıranda məhz Almaniya bunu Liviyanın daxili işi hesab elədi və BMT Təhlükəsizlik Şurasında Qəzzafinin durdurulmasına qarşı qərara səs vermədi.
Mən fevralın 22-də “Azadlıq” qəzetində bir yazını oxuyanda bu mənim üçün aydın oldu. Bundestaqın işçi qrupu belə bir qərar qəbul elədi ki, bəs ermənilər azərbaycanlılara qarşı işğal aktı törədib, amma bu işğalı aradan qaldırmaq üçün Türkiyə Ermənistanla sərhədləri açmalıdır. Qəribə məntiqdir. İraq Küveyti işğal edəndə biz gördük ki, əvvəlcə iqtisadi sanksiyalar tətbiq olundu, sonra da hərbi müdaxilə edildi. Amma bu məsələdə tamam fərqli bir mövqe tutulur.
Əslində bu nədir? Biz bilirik ki, vaxtilə Ermənistanla Türkiyə arasında sülh protokolları imzalananda Obama Azərbaycan Prezidentini buna razı salmaq üçün onu İstanbula dəvət etdi. İlham Əliyevin prinsipial mövqeyindən sonra Amerika mətbuatı Azərbaycan əleyhinə yazılar dərc eləməyə başladı və bu kampaniya bu gün də davam edir.
Bu həmin kampaniyanın davamıdır. Vaxtilə sülh protokolları imzalanarkən Azərbaycan xalqının hiddətini və etirazını görən AXCP və onun sədri Əli Kərimli hamı ilə birlikdə sərhədlərin birtərəfli qaydada açılmasını qınamışdı. Amma indi həmin yazıda qeyd edir ki, Almaniyanın bu təklifi Azərbaycan üçün bir şansdır və Almaniya Türkiyəyə qarşı birgə mübarizə aparan Fransa və Rusiyaya qarşı dayanıb. Əvvəla, qeyd etmək istəyirəm ki, bu qədər siyasi riyakarlıq olmaz. Ona görə ki, Türkiyənin Avropa Birliyinə yolunu bağlayan iki ölkədən biri elə məhz Almaniyadır. Ona görə də burada Almaniyanın etdiklərinə hansısa sehrli çubuğun işarəsi ilə haqq qazandırmağa çalışmaq və dolayısı ilə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına mane olmaqda guya Azərbaycanın hansısa məqsədlər güddüyünü qeyd eləmək, mən hesab edirəm ki, biabırçılıqdan başqa bir şey deyil.
Sonda mən bu məsələni niyə qeyd elədim. Bu həmin Almaniyadır ki, vaxtilə Müsavat başqanını Almaniyaya dəvət elədi və Azərbaycanı aşağılayan, Azərbaycan torpaqlarının işğal olunmasına birbaşa rəhbərlik eləmiş Ter-Petrosyanın partiyası ilə əməkdaşlıq haqqında saziş imzalatdı. Mən soruşuram, indi niyə əməkdaşlıq eləmirsiniz?
Oqtay müəllim, vaxtıma az qalır, çox xahiş edirəm, mənə əlavə 1 dəqiqə vaxt verəsiniz. Mən bütün bunları ona görə qeyd eləmək istəyirəm ki, zaman keçir, biz torpaqlarımızı azad edə bilmədikcə beynəlxalq birlik Ermənistanın arzuladıqlarını, istədiklərini addım-addım Azərbaycana qəbul elətdirir.
Vaxt var idi, hansısa kəşfiyyat orqanının idarə elədiyi, yönəltdiyi bir jurnalist vətəndaşımız Dağlıq Qarabağa və ya Ermənistana səfər eləyəndə Azərbaycan xalqı haqlı olaraq onu milli satqın kimi qiymətləndirirdi. Amma indi illər keçib, biz artıq Yerevanın yolunu su yoluna döndərmişik.
Birincisi, mən İlyas müəllimin fikrini dəstəkləyirəm ki, Azərbaycan qısa bir müddətdə peşəkar ordu yaratmalıdır. İkincisi, düşmən dəyirmanına su tökən insanlara qarşı cəmiyyətimizdə dözülməz bir atmosfer yaratmalı, mühit formalaşdırmalıyıq. Biz öz torpaqlarımızın azad olunması üçün qəti və ciddi addımlar atmalıyıq. Beynəlxalq birlikdən mərhəmət gözləmək, mən hesab edirəm ki...
Sədrlik edən. Sağ olun. Mən fikir verdim ki, Yerevandan təzə gəlmiş millət vəkillərimiz söz demək istəyirlər. Azay müəllim, mən Sizə ayrıca söz verəcəyəm ki, fikirlərinizi bildirəsiniz. Sahibə Qafarova.
S. Qafarova. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, bu gün müzakirə etdiyimiz mövzu hər birimiz üçün çox ağrılı bir mövzudur. Həqiqətən, Xocalı faciəsi heç bir zaman Azərbaycan xalqının yaddaşından silinməyəcək.
Mən həmkarlarımın fikirlərini təkrarlamamaq üçün, sadəcə, bir neçə fikrimi sizinlə bölüşmək istərdim. Mən istərdim, bu soyqırımı aktında beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulmasını göstərən faktlara istinad edəm. Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilib ki, bu da hərbi cinayət kimi xarakterizə olunur. Konkret olaraq Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin maddələrinə kobud qaydada ziddir.
Çox yaxşı məlumdur ki, bu gün bütün dünyada qadınlara və uşaqlara qarşı zorakılıq əleyhinə böyük bir kampaniya, çoxsaylı konfranslar, simpoziumlar keçirilir. Bəs Xocalı faciəsində vəhşicəsinə öldürülən uşaqlar, qadınlar, girov götürülənlər, onlara qarşı edilənlər nədir? Təbii ki, bu, zorakılığın ən dəhşətli formasıdır. Bunlar onun sübutudur ki, Ermənistan silahlı dəstələrinin hərəkətləri “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsinə tam ziddir və bunu bütün dünya bilməlidir.
Mən də burada səslənən fikirlə tam razıyam ki, bizim əlimizdə bu qədər yetərli faktlar, sənədlər mövcuddur və bunları toplayıb beynəlxalq məhkəmələrə müraciət edə bilərik. Bunu həm dövlət rəsmi səviyyədə, həm də hər bir Xocalı sakini fərdi qaydada həyata keçirə bilər. Beynəlxalq hüquq qaydaları da buna imkan verir.
Bu gün dövlətimiz, Heydər Əliyev Fondu Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində çox böyük işlər görür. Düşünürəm ki, bu istiqamətdə fəaliyyəti daha da genişləndirə bilərik. Bu gün xarici dövlətlərdə minlərlə Azərbaycan gənci Azərbaycan dövlətinin vəsaiti hesabına təhsil alır. Onların hər biri Azərbaycanın bir növ elçisidir. Onlar həm təhsil aldıqları universitetlərdə, yaşadıqları şəhərlərdə, həm də sosial şəbəkədən istifadə edərək ünsiyyətdə olduqları adamlara Xocalı reallığını çatdırmalıdırlar. Diaspor təmsilçiləri isə onlara kömək etməli, onları istiqamətləndirməlidirlər.
Mənə elə gəlir ki, bizim də, millət vəkilləri olaraq edə biləcəyimiz çox işlər var. Biz ilk növbədə parlamentin dostluq qrupları vasitəsilə bu işləri aparmalıyıq. Düşünürəm ki, bu iş müsbət nəticə verə bilər. Bundan başqa, düşünürəm ki, millət vəkilləri seçilmiş insanlarıq, dünyada hər birimizin münasibətdə olduğumuz çox insanlar var. Onların arasında alimlər də, siyasətçilər də, iş adamları da var. Biz onların da potensialından yararlana, onların da vasitəsilə Xocalı soyqırımını dünyaya tanıtdıra bilərik. Cənab Prezident də hamımızın qarşısında bu tapşırığı qoyub. Əgər biz ümumi işimizə fayda verəcək ən kiçik bir addım belə atsaq, bu, dövlətimizin, apardığımız ideoloji savaşın bir uğuru olacaq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Cox sağ olun. Kamilə Əliyeva.
K. Əliyeva. Çox sağ olun, cənab Sədr. Xocalı soyqırımı Azərbaycanın müstəqil dövlətçilik tarixinin ən qanlı və faciəli səhifələrindən biridir. Bu gün həmin faciənin törədilməsindən artıq 20 il keçir. Azərbaycan xalqı heç bir zaman bu soyqırımı aktını, ermənilərin dinc sakinlərimizə qarşı törətdiyi qanlı qırğını unutmayacaq.
Azərbaycan dövləti hazırda Xocalı soyqırımının dünyada hüquqi qiymətini tapması istiqamətində ciddi səylər göstərir. Möhtərəm Prezidentimiz İlham Əliyev bu soyqırımının 20-ci ildönümü ilə bağlı müvafiq sərəncam imzaladı. Həmin sərəncamda bildirilir ki, Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin xatirəsini dərin hüznlə bir daha yad edərək Azərbaycan Prezidentinin Administrasiyası Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb, onun həyata keçirilməsini təmin etməlidir.
Deputatlarımız da artıq dövlət başçımızın sərəncamındakı göstərişlərin yerinə yetirilməsi məqsədilə dünyanın bir çox ölkələrində təşkil olunan anım tədbirlərində fəal iştirak edirlər. Bu məsələdə Azərbaycan xalqının hər bir nümayəndəsi siyasi, dini baxışlarından asılı olmayaraq vahid mövqedən çıxış edir.
Heç kimə sirr deyil ki, Xocalı faciəsinin dünyada soyqırımı kimi tanıdılması və onunla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun və şəxsən bu fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkilimiz, birinci xanım Mehriban Əliyevanın əvəzsiz və müstəsna xidmətləri vardır. Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımına dair hazırlanmış əyani vəsaitlər bu gün dünyanın hər bir ölkəsində bu məqsədlə təşkil olunmuş tədbirlərdə geniş istifadə edilir. Bu işdə fondun vitse-prezidenti Leyla Əliyevanın da böyük xidmətləri var. Artıq dünyanın hər yerində yaşayan azərbaycanlılar, xüsusilə də gənclər Leyla xanımın təşəbbüsü ilə elan olunmuş “Xocalıya ədalət” kampaniyasında fəal iştirak edirlər. Son günlərdə Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün bir milyon imza toplanaraq Niderland parlamentinə təqdim olunması – tək bu fakt qeyd olunan kampaniyanın nə qədər effektli və genişmiqyaslı olduğunu bir daha sübut etdi.
Bu gün erməni lobbisi qondarma soyqırımı iddialarının dünyada tanınması üçün genişmiqyaslı iş aparır. Lakin tarixi faktlar göstərir ki, Osmanlı imperiyası zamanı ermənilərə qarşı soyqırımı törədilməyib, əksinə, türklərə qarşı vandalizm aktları həyata keçirilib. Ermənilər yalnız mülahizələr və saxtalaşdırılmış faktlar əsasında öz iddialarına haqq qazandırmağa çalışırlar. Xocalıdakı qanlı terrorun soyqırımı olması isə dəqiq faktlar və sübutlarla əksini tapmışdır. Bu səbəbdən dünya ictimaiyyəti bu məsələdə ikili standartları bir kənara qoyaraq ədalətin kimin tərəfində olduğunu açıq şəkildə göstərməlidir.
Azərbaycan dövləti, ölkəmizdə vətəndaş cəmiyyətinin bütün təbəqələri Xocalı soyqırımının dünyada tanınması üçün çox mütəşəkkil və düşünülmüş siyasət aparır. Bunun nəticələri artıq özünü göstərməkdədir. Meksika Senatının 2012-ci il 2 fevral tarixli qərarında Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 26-da baş vermiş faciə soyqırımı adlandırılıb. Pakistan Senatının Xarici əlaqələr komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımını pisləyən qətnamə qəbul edib. Türkiyədə də Xocalı soyqırımının tanınması məqsədilə parlamentə müvafiq təkliflər göndərilib. Artıq ilkin nəticələr var və bu işin davamı daha uğurlu olacaq. Azərbaycan erməni lobbisinin səylərinə baxmayaraq, həqiqətin nədən ibarət olduğunu yaxın gələcəkdə dünya ictimaiyyətinə də sübut edəcək.
Sonda mən də iki təklifimi bildirmək istərdim. Bu təkliflərdən birini artıq hörmətli deputatımız Əli Məsimli səsləndirdi. Məncə də, yaxşı olardı ki, Xocalı soyqırımı haqqında materialların içərisində ermənilərin özləri tərəfindən soyqırımını təsdiq edən faktlar da olsun.
İkinci təklifim. Bizim televiziya kanallarımızda bu soyqırımı haqqında verilişlər ildə bir dəfə, fevral ayında deyil, həftədə bir dəfəmi, ayda bir dəfəmi, istər 20 yanvar faciəsi ilə, istər Xocalı soyqırımı ilə...
Sədrlik edən. Çox sağ olun. Bir neçə dəqiqə bundan qabaq Qüdrət Həsənquliyev bir söz işlətdi, dedi ki, Yerevanın yolunu su yoluna döndərmişik. Amma bu elə deyil. Mən hesab edirəm ki, beynəlxalq təşkilatlar çərçivəsində bizim millət vəkilləri bütün tədbirlərdə iştirak eləməlidirlər. Bu yaxınlarda Milli Məclisin 3 nəfərdən ibarət nümayəndə heyəti Avronest Parlament Assambleyasının Yerevan şəhərində keçirilmiş komitə iclasında iştirak edib. Mən onların işini çox yüksək qiymətləndirirəm. Bizim nümayəndə heyətimiz özünü çox yüksək səviyyədə apardı. Necə deyərlər, ilk dəfə olaraq Ermənistan parlamentinin özündə Ermənistanı işğalçı adlandıraraq çıxışlarını davam elədilər. Ona görə icazənizlə Azay Quliyevə söz verək, nümayəndə heyətimizin o tədbirdə iştirakı barədə bizə məlumat versin.
A. Quliyev. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, xanımlar və cənablar, mətbuat nümayəndələri! İcazə verin, Oqtay müəllim, o tədbirlə bağlı məlumat verməzdən öncə Xocalıyla bağlı bir neçə kəlmə deyim. Çünki, həqiqətən də, bu bizim ümummilli faciəmizdir. Bu hadisə təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Təbii ki, bu hadisəyə biz çox doğru yanaşırıq. Burada çıxış edənlər doğru buyururlar ki, bizim bundan sonrakı əsas fəaliyyətimiz Xocalıya ədalətin təmin olunmasını təşkil etmək, bu hadisəni törədənləri ədalət mühakiməsinə cəlb etmək və onların layiqli cəzalarını almasına nail olmaqdır.
Hamımız bilirik ki, bunun üçün dövlət tərəfindən üç mərhələdə çox ciddi şəkildə iş aparılıb. İlk mərhələdə ictimai rəyin doğru formalaşması, Xocalı hadisəsi ilə bağlı hadisələrin olduğu kimi dünyaya çatdırılması. İkinci mərhələdə parlamentlər tərəfindən bu hadisəyə siyasi qiymətin verilməsi və üçüncü mərhələdə Xocalı soyqırımına hüquqi qiymətin verilməsi.
Çox təqdirəlayiq haldır ki, artıq biz ikinci mərhələdə ciddi işlərə imza ata bilmişik. Burada o fikrə mən də qoşuluram ki, son üç ildə bizim hörmətli həmkarımız Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə hədəfləri kifayət qədər özündə əks etdirən çox sistemli işlər görülür. Artıq dünya həqiqətin nədən ibarət olduğunu başa düşməyə, anlamağa başlayır. Bunun müəyyən nəticələri göz qabağındadır. Dediyimiz kimi, artıq ikinci mərhələdə bir neçə ölkə bunu qəbul edib. Xüsusilə Meksikanın və Pakistanın adı burada qeyd olundu. Mən heç şübhə etmirəm ki, yaxın gələcəkdə aparılan ümumi işin nəticəsində bu ölkələrin sayı artacaq.
Təbii ki, üçüncü mərhələ, yəni bununla bağlı hüquqi qiymətin verilməsi çox önəmlidir. Hələ 1994-cü ildə ulu öndərimizin təklifi, təşəbbüsü ilə qəbul olunan qətnamədə bu məsələ xüsusilə vurğulanıb. Burada son illər Milli Məclisin, şəxsən Oqtay müəllimin çox böyük fəaliyyəti var.
Siz bilirsiniz ki, Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən Xocalı qətliamı ilə bağlı cinayət işinin açılmasına baxmayaraq, cinayət törədənləri bu gün obyektiv səbəbdən ədalət mühakiməsinə cəlb edə və onların beynəlxalq məhkəmələrdə mühakimə olunmasına nail ola bilmirik. Məlumat üçün deyirəm ki, artıq bununla bağlı çox gözəl ictimai kampaniya başlanıb. Bu gün Azərbaycan QHT-lərinin təşəbbüsü və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bu soyqırımını törədənlərin rəmzi məhkəməsi qurulacaq. İctimaiyyət bu rəmzi məhkəməni qurub, onları mühakimə etməklə həm bir daha öz etirazını bildirəcək, həm də bu cinayətkarların hansı cəzaya layiq olduqlarını rəmzi də olsa qeyd edəcək. Gələcəkdə bu sahədə bizim fəaliyyətimiz daha sistemli şəkildə qurulmalıdır.
Hörmətli cənab Sədr, Siz çox doğru buyurdunuz, biz, yəni həmkarlarım Fərəc Quliyev, Rövşən Rzayev və mən fevralın 22–23-də Avronest Parlament Assambleyasının Sosial məsələlər, elm, təhsil və vətəndaş cəmiyyəti komitəsinin Yerevanda keçirilən iclasında iştirak elədik. Bu, Ermənistanın təşkil etdiyi tədbir deyildi, beynəlxalq bir tədbir idi və biz o tribunanı boş qoya bilməzdik. Azərbaycan əleyhinə gözlənilən bütün ittihamlara orada cavab vermək, ölkəmizi təmsil etmək üçün biz oraya mütləq getməli idik.
Burada başqa fikirlər də səsləndi. Mən hər iki fikrə hörmət eləyirəm. Amma Siz də doğru buyurdunuz ki, Azərbaycan Milli Məclisində Ermənistanı işğalçı elan etmək vacibdir və bu da edilir. Amma bundan daha vacib məhz Ermənistanın parlamentində həqiqəti dilə gətirmək və orada bütün Avropa parlamentarilərinin qarşısında Ermənistanın təcavüzkar, işğalçı olduğunu söyləmək daha vacib, daha önəmli idi və biz də bunu etdik.
Məsələnin önəmli olduğunu və ictimaiyyət üçün xüsusilə maraq doğurduğunu nəzərə alaraq, Oqtay müəllim, icazə versəniz, əlavə bir neçə dəqiqə də vaxtınızı alaraq, orada iştitrakımız haqqında məlumat verərdim.
Sədrlik edən. Buyurun.
A. Quliyev. Biz proqrama ciddi etirazımızı bildirməklə başladıq, çünki proqramın əvvəlində “uydurma soyqırımı” abidəsinə əklil qoyma mərasimi var idi. Bizim nümayəndə heyətimiz həmin mərasimdə iştirak etməkdən imtina etdi. Təbii ki, biz bunu kifayət qədər normal şəkildə ifadə etdik və fikrimizi anlatdıq. Düzdür, bu, Ermənistan kütləvi informasiya vasitələrində geniş şəkildə şərh olundu və deyildi ki, Azərbaycan nümayəndə heyəti bu mərasimi baykot etdi. Təbii ki, bu belə də olmalı idi.
Sonra bizim rəsmi görüşlərimiz oldu. Məlumat üçün deyim ki, Avronest Parlament Assambleyasının həmin tədbirdə iştirak edən nümayəndələri beş tərəfdaş ölkələnin – Ukrayna, Gürcüstan, Azərbaycan, Moldova və Ermənistanın təmsilçiləri, bir də Avropanın aparıcı ölkələrinin parlamentariləri idi.
Mən sizə rəsmi görüşlərin qısa məzmunu ilə bağlı məlumat vermək istəyirəm. Bizi ilk öncə Ermənistan prezidenti Serj Sarkisyan qəbul etdi. Görüşdə hər üçümüz iştirak etdik. Yaxşı oldu ki, Sarkisyanın təqdimatından sonra ilk sualı Litvadan olan həmkarımız – xanım Vaqner verdi. O dedi ki, mən hüquq müdafiəçisiyəm, deputatam, bilmək istəyirəm ki, Azərbaycan torpaqlarından qovulmuş insanların hüquqları necə bərpa olunacaq. Bundan sonra, təbii ki, dialoq başladı. Sarkisyan bütün vəchlə... Mən istəmirəm, o detalları burada deyim. Amma qısaca ifadə etməli olsam, deməliyəm ki, biz həmişəki kimi, hər hansı bir formada sülhə xidmət edə bilən konstruktiv bir mövqeyin şahidi olmadıq.
Bizim nümayəndə heyətindən hər üçümüz orada çıxış etdik. İlk növbədə bildirdik ki, siz deyirsiniz, Azərbaycan ərazisi nəzarət altındadır, amma bu faktdır ki, o, işğal olunub. Biz onun geri qaytarılması, məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsi ilə bağlı danışıqlar aparmalı, fikrimizi bildirməliyik.
Azərbaycanın mövqeyi budur ki, torpaqlar qaytarıldıqdan sonra insanlar ora qayıtmalıdır. Azərbaycan dövləti erməni və azərbaycanlıların birgə yaşaması üçün tam təminat verir. Bu məsələlər BMT və digər beynəlxalq qurumların qəbul etdiyi qərarlar, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır.
Daha sonra biz Ermənistan prezidentinə müraciət etdik. Dedik ki, biz 20 ildir bu danışıqlara gedirik, amma təəssüf ki, hər hansı bir nəticə yoxdur. Burada Ermənistan xalqı da Azərbaycan xalqı ilə birlikdə zərər çəkir. Siz ölkənizin rəhbəri, lideri kimi bəlli bir vaxt çərçivəsi müəyyənləşdirə bilərmisiniz ki, bu məsələ öz həllini tapsın. Təəssüflər olsun ki, bu sualımıza da beynəlxalq diplomatiyanın qəbul etdiyi dildə cavab ala bilmədik.
Sonra çox vacib bir məsələyə toxunduq, təklif etdik ki, Dağlıq Qarabağda yaşayan hər iki icmanın – Azərbaycan və erməni icmasının görüşü təşkil olunsun. Buna da belə bir cavab aldıq ki, Dağlıq Qarabağ müstəqil dövlətdir və biz onun əhalisinə icma kimi baxmırıq. Siz bu məsələni bu gün Ermənistanla müzakirə eləyə bilərsiniz. Təbii ki, orada da biz mövqeyimizi ifadə etdik, bildirdik ki, bu, icma səviyyəsində keçirilən görüş olmalıdır.
Axırda Rövşən Rzayev bir daha təklif etdi ki, heç olmasa, sonda da olsa, siz bizə bu dialoq, danışıq üçün bir imkan yaradın. Çünki Azərbaycan dəfələrlə ifadə edib ki, biz bunu danışıqlar yolu ilə, sülh yolu ilə həll etmək istəyirik. Nəhayət, çox könülsüz şəkildə deyildi ki, buna baxan Avanesyan var, – Avronestdə Ermənistan nümayəndə heyətinin rəhbəridir, – onunla davam edərsiniz. Və bu məsələ belə də qaldı.
Günün ikinci yarısında parlamentdə müzakirələr davam etdirildi və orada bizə təqdim olunan bir neçə qətnamədə təklif olunan məsələlərə biz münasibətimizi bildirdik. Azərbaycanın mövqeyi bundan ibarət oldu ki, biz Avronest çərçivəsində hər cür regional əməkdaşlığa hazırıq. Ancaq bu gün biz Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanla ikitərəfli əməkdaşlıq edə bilmirik.
Amma təəssüflər olsun ki, bu məsələyə sonradan çox belə, özünəməxsus yanaşma oldu və bizim sözlərimiz belə qələmə verildi ki, guya biz sosial məsələlərdə, təhsil, elm və mədəniyyətlə bağlı məsələlərdə Azərbaycanın Ermənistanla ikitərəfli əməkdaşlıq etməyə hazır olduğunu söyləmişik. Hətta bunun Azərbaycanda böyük bir hadisə olduğunu qeyd edənlər də oldu. Ona görə də təkrar söz aldıq və bir daha bildirdik ki, Azərbaycan regionda qonşuları ilə bütün sahələrdə fəal əməkdaşlıq edir. Bakı–Tbilisi–Ceyhan neft kəmərinin tikilib istifadəyə verilməsi, İpək Yolunun bərpa olunması buna əyani sübutdur. Ayrı-ayrı regional layihələrə Azərbaycan böyük önəm verir və bu istiqamətdə başqa dövlətlərlə münasibətlərdə heç bir problem yoxdur. Amma Dağlıq Qarabağ münaqişəsi həll olunmamış, Azərbaycanın ərazisi işğaldan azad edilməmiş və qaçqınlar geri qayıtmamış Ermənistanla hətta dediyiniz sahələrdə də ikitərəfli əməkdaşlıq mümkün deyil. Bir milyon qaçqın və köçkünü olan xalqa biz gedib deyə bilmərik ki, siz müharibənin nəticələri aradan qaldırılmamış Ermənistandan Azərbaycana bir rəqs qrupunu dəvət edin və ya əksinə, biz gedək orada mədəni əlaqələrdən, elmdən, təhsildən danışaq.
Mən orada yaşanan gərginlikdən burada çox danışmaq istəmirəm. Təkcə onu qeyd etmək istəyirəm ki, erməni ictimaiyyəti, erməni parlamentariləri, çox təəssüf ki, bu gün məsələnin sülh yolu ilə, danışıqlar yolu ilə həllinə hazır deyillər. Amma buna baxmayaraq, mən düşünürəm ki, biz bu istiqamətdə səylərimizi davam etdirməliyik.
Sonda, Oqtay müəllim, demək istəyirəm ki, bir çox digər məsələlər – vətəndaş cəmiyyəti, yoxsulluq, gender məsələləri ilə bağlı Azərbaycanın mövqeyi orada ifadə olundu. Sizin dediyiniz kimi, orada biz çox sərbəst, necə deyərlər, Avropanın qəbul edəcəyi bir tərzdə fikirlərimizi bildirdik və Azərbaycanın mövqeyini ifadə etdik. Düşünürəm ki, bizim təhlükəsizliyimizlə bağlı orada...
Sədrlik edən. Oldu. Çox sağ olun. Amma bir şeyi unutdunuz ki, orada Dağlıq Qarabağ loqosu qoyulmuşdu, bizim nümayəndə heyəti onu çıxartdırdı. Onu demədiniz. Fasilə elan olunur. Fasilədən sonra danışarıq.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. İclası davam etdiririk. Buyursun Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun, hörmətli Sədr. Hörmətli həmkarlarım! Mən də torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan bütün insanların ruhu qarşısında baş əyir və Allahdan onlara rəhmət diləyirəm.
Əlbəttə ki, Xocalı faciəsi bir xalqa qarşı deyil, bütün bəşəriyyətə, insanlığa qarşı qəsddir, dünyada ermənilər tərəfindən analoqu olmayan bir vəhşilikdir. Bunun kökləri çox dərindir. Bu, əsrlər boyudur davam edir. Çox yaxşı haldır ki, indi biz bu soyqırımının tanınması üçün səylərimizi birləşdirmişik. Bu sahədə silsilə tədbirlər həyata keçirilir. Bu sahədə mən də Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi tədbirləri dəstəkləyir, qiymətləndirirəm. “Xocalıya ədalət” kampaniyası çox böyük səmərə verir. Bu sahədə Milli Məclisin fəaliyyəti də faydalıdır. Dostluq qrupları xarici ölkələrdə olurlar. Parlamentlərdə bu barədə söhbətlər gedir və bunlar öz nəticəsini verir.
Əlbəttə ki, Xocalı soyqırımının dərsləri ibrətamizdir. Bu dərslərdən biz nəticə çıxarmalıyıq. Bu dərslər bizə deyir ki, keçmişinə bax, dünənini unutma, başına gətirilən dəhşətləri tez-tez xatırla, yaddan çıxartma. Çünki birinci dəfə deyil, ermənilər tərəfindən bizim başımıza bu dəhşətli fəlakətlər gətirilir. 1905-ci, 1918-ci, 1948-ci, 1952-ci, 1953-cü illərdə və 1988-ci ildən başlayaraq bu hadisələr bizim başımıza gətirilib. Bu soyqırımı bizə deyir ki, xalq ağılsız rəhbərlərə arxalanmamalı, seçimini düz etməlidir. Doğrudan da, əgər 1992-ci ildə hakimiyyətdə ağıllı adamlar olsaydı, ölkəmizdə bu faciələr yaşanmazdı. Bu dərslər bizə deyir ki, bir olun, taleyüklü məsələlərdə bir-birinizə arxalanın, bir-birinizə kömək olun. Ona görə də bu ədalətsiz dünyada biz ancaq özümüzə, öz xalqımıza arxalanmalı, öz rəhbərimizin ətrafında birləşməliyik.
Mənim burada bir neçə təklifim var. Mən təklif edərdim ki, bu sahədə bir səmərəli iş aparmaq üçün parlamentdə daimi işləyən bir işçi qrupu yaradaq. Nəinki Xocalı soyqırımı, bu dövr ərzində qarşılaşdığımız bütün faciələr xalqın gözlərində, ürə klərində yaşayır. Ola bilsin, o insanlar 5 ildən, 10 ildən sonra olmayacaqlar. Biz bir deputat qrupu yaradıb, daimi olaraq bu faktları araşdıraq, onları bir cəm halına gətirək və gələcəkdə lazımi qaydada tətbiq eləyək.
Digər tərəfdən, çox yaxşı haldır ki, bizim ictimai televiziya özünün “Xəbərlər” proqramının əvvəlində gözəl bir anons verir. Bu, ingilis dilində də səslənir. Burada Beynəlxalq Millətlər Təşkilatının 4 qətnaməsinin yerinə yetirilməməsi qınaq obyekti kimi təhlil olunur və ədalətsiz dünyaya bir mesaj göndərilir. Mən təklif edərdim ki, bizim digər televiziya kanallarımız da özlərinin xəbər proqramının əvvəlində Xocalı soyqırımına, digər soyqırımlara aid, başımıza gətirilən faciələrlə əlaqədar müəyyən məlumatlar versinlər.
Digər tərəfdən, biz əldə etdiyimiz materialları mütləq xarici dillərə tərcümə edib yaymalıyıq. Bu gün burada bizə bir kitab təqdim olundu: “Xocalı – XX əsrin soyqırımı”. Bu, Prezident Administrasiyası və AzərTAcın birgə layihəsidir. Bu kitab 6 dildə çap olunub, çox yaxşı, qiymətli bir əsərdir. Mən elə bilirəm ki, bu layihələr bundan sonra davam etdirilməlidir. Çünki biz yalnız Azərbaycan dilində deyil, bütün dillərdə dünyaya çıxmalı və öz faciəmizi çatdırmalıyıq. Mən şəhid olanların ruhu qarşısında bir daha baş əyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Bu gün, həqiqətən, biz Azərbaycan xalqına qarşı zaman-zaman baş vermiş soyqırımı və deportasiya aktlarının ən dəhşətlilərindən birinin 20-ci ildönümünü burada qeyd eləyirik. 20 il öncəyə qayıdıb bu hadisələri bir daha sərf-nəzər edəndə insan istər-istəməz özünə bir sual verir: “Bu, nədən baş verdi, nəyə görə Azərbaycan xalqının başına bütün bu müsibətlər gəldi?” Tarixən Dərbənddən ta Kərkükə qədər məskunlaşmış bir xalq, böyük bir etnos zaman-zaman öz doğma, tarixi torpaqlarından məhrum olundu və bu aktların ən sonuncularından da biri məhz 20 il öncə baş verdi.
O zaman yaralıları Bakıdakı xəstəxanalara gətirmişdilər və bir çox insanlar onlara baş çəkirdilər. O cümlədən biz də ailəliklə getdik, o insanlara, o güllələnmiş cavanlara, o ayaqları don vurmuş uşaqlara baş çəkdik. İnanın, aradan 20 il keçməsinə baxmayaraq, indi də mən o vaxt gördüyüm mənzərəni soyuqqanlılıqla təsvir edə bilmirəm. Sual olunanda ki, nədən bizdə bu hadisələr baş verdi, mən istər-istəməz bir nəticəyə gəlirəm. Bu hadisələr ona görə baş verdi ki, xalqın vahid bir lideri olmadı. Xalqın bütün təbəqələri tərəfindən tanınan, şəksiz qəbul olunan vahid bir liderin olmaması nəticəsində xalqımızın başına çox müsibətlər gəlmişdir. Mən tam əminəm ki, 1992-ci ildə Azərbaycanda o vaxtkı iqtidarda Heydər Əliyev olsaydı, xalqımızın başına bu kimi müsibətlər gəlməzdi. Bu, əlbəttə, şəksiz bir həqiqətdir.
İndi olan olub. Amma bir sual bizi düşündürür: “Biz indən belə nə etməliyik?” Mən hesab edirəm ki, son illər Xocalı soyqırımının dünya birliyinə tanıdılmasında böyük addımlar atılıbdır. Xüsusən “Xocalıya ədalət” kampaniyası çərçivəsində böyük təbliğat, təşviqat işləri aparılır. Heydər Əliyev Fondu tərəfindən çox böyük işlər görülür. Xalqımızın bütün insanları bu təbliğat işinə qoşulmalı və biz fəal şəkildə bu işləri davam etdirməliyik. Bəzən hətta qonşu, qardaş Türkiyədə olanda görürsən ki, onların hətta ictimai həyatda fəal insanları da xalqımıza qarşı baş vermiş soyqırımı aktları haqqında məlumatsızdırlar.
Biz gərək çalışaq, ilk növbədə parlamentlər tərəfindən bu soyqırımı aktı tanınsın. Bu istiqamətdə Milli Məclis artıq fəaliyyətə başlayıbdır. Mən inanıram ki, yaxın zamanda bu fəaliyyət müsbət nəticələrini verəcək. Eyni zamanda, biz çalışmalıyıq ki, İkinci dünya müharibəsində alman faşistləri tərəfindən həyata keçirilmiş dəhşətli soyqırımı aktları müharibədən sonra tarix dərsliklərində öz əksini tapdığı kimi, ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı da tarix dərsliklərinə salınsın, heç olmasa, bizə yaxın olan türkdilli xalqların dərsliklərində öz əksini tapsın.
Digər bir məsələ. Xalqımıza qarşı baş verən bütün bu ədalətsizliklərin tədqiqi davam etdirilməlidir. Mütləq biz Osmanlı arxivlərində işləməliyik. Orada çox vacib məlumatlar var. Məsələn, indi Bakı qırğınları haqqında kitab çapdadır. Fövqəladə istintaq komissiyasının materialları, sənədləri əsasında Quba hadisələri haqqında kitab hazırlanıb. Hazırda Şamaxı hadisələri haqqında kitab üzərində iş gedir. Bu iş...
Sədrlik edən. Sağ olun, Gövhər xanım. Musa Quliyev, buyurun.
M. Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Xocalı soyqırımı ermənilər tərəfindən onların havadarlarının daimi dəstəyi nəticəsində son yüz ildə xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, etnik təmizləmə və digər cinayətlərin yeni bir mərhələsi, daha dəhşətli bir forması idi.
Ümummilli lider Heydər Əliyev tərəfindən Xocalı soyqırımına siyasi və hüquqi qiymət verildi. Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində hörmətli Prezidentimiz başda olmaqla Azərbaycan dövləti məqsədəuyğun siyasət həyata keçirir. Azərbaycan Milli Məclisi Xocalı soyqırımı ilə bağlı dəfələrlə müzakirələr aparmış, gərəkli qərarlar qəbul etmiş, müraciətlər etmişdir. Bugünkü müzakirələrin nəticəsində beynəlxalq təşkilatlara yəqin ki, yeni, daha effektli bir müraciət göndəriləcəkdir.
Azərbaycanın ictimai təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, xüsusilə Heydər Əliyev Fondunun və onun Rusiya filialının beynəlxalq səviyyədə apardığı “Xocalıya ədalət, Qarabağa azadlıq” kampaniyası daha effektiv nəticələr verməkdədir. Bu günlərdə dünyanın yüzdən çox bölgəsində Xocalı ilə bağlı beynəlxalq tədbirlərin keçirilməsi də buna sübutdur. Hesab edirəm ki, aparılan iş, keçirilən tədbirlər bundan sonra da ardıcıl, məqsədyönlü olacaq və Xocalı cinayətinin beynəlxalq aləm tərəfindən tanınması bu soyqırımı törədənlərin cəzalandırılması istiqamətində effektiv nəticələr verəcəkdir.
Hörmətli cənab Sədr, mən də bu məsələ ilə bağlı bir neçə təklifimi vermək istəyirəm. Birinci, bizim daxili auditoriyada, mən düşünürəm ki, bundan sonra bütün yazılı və şifahi nitqimizdə rəsmi və qeyri-rəsmi tədbirlərimizdə, bütün kütləvi informasiya vasitələrində bu cinayət yalnız Xocalı soyqırımı kimi qeyd olunmalıdır. Yəni “Xocalı hadisəsi”, “Xocalı faciəsi”, “Xocalı qırğını” kimi ifadələr nə bu cinayətin miqyasına, nə də bizim məqsədlərimizə uyğundur.
Digər bir təklifim ondan ibarətdir ki, Xocalıda qətlə yetirilən və itkin düşən şəxslərin ailələrinə şəhid statusu verilsin və “Şəhid adının əbədiləşdirilməsi haqqında” Qanun bu ailələrə də şamil olunsun.
Mən düşünürəm ki, bu soyqırımı cinayətinə hüquqi və siyasi qiymət verilməsi üçün biz beynəlxalq konvensiyaların tələblərinə uyğun vahid formada sənəd hazırlamalıyıq. Bu sənədi bizim Milli Məclis Xarici İşlər Nazirliyi, Prezident Aparatının müvafiq şöbəsi ilə birlikdə də hazırlaya bilər.
Yeri gəlmişkən, Milli Məclis Aparatının hazırladığı və bizə təqdim etdiyi “Xocalı soyqırımı” kitabı beynəlxalq sənədlərə söykənən və beynəlxalq aləmdə Xocalı soyqırımını sübut etməyə və təsdiq etməyə bizə kifayət qədər əsas verəcək dəyərli bir sənəddir. Biz gələcəkdə bütün istiqamətlərdə fəaliyyətimizi vahid formada aparmaq üçün belə sənədlərə söykənməliyik.
Xocalı soyqırımını tanıtmaq üçün, təbii ki, birinci növbədə bizə müttəfiq, dost olan və öz həyatlarında soyqırımı yaşamış dövlət və xalqlara müraciət etməliyik. Burada daha effektli nəticələr almaq üçün məqsədyönlü fəaliyyət göstərilməlidir. Hesab edirəm ki, parlamentin dostluq qrupları, parlamentlərarası əlaqələr üzrə işçi qrupları öz sahələrində fəaliyyətlərini gücləndirməlidirlər. Biz çalışmalıyıq ki, Xocalı soyqırımının hər il ən azı bir neçə ölkənin parlamentlərində müzakirə olunmasına və soyqırımı kimi qəbul olunmasına nail olaq.
Ən nəhayət, düşünürəm ki, ümumiyyətlə, Qarabağ probleminin həlli üçün ATƏT-in Minsk qrupunun tərkibi və ya bu problemin Minsk qrupunda həll olunması ilə bağlı öz fikirlərimizi də qətiləşdirməliyik. Yəni 20 ildir, bu məsələ ilə Minsk qrupu məşğul olub, bundan sonra 20 il də məşğul olsa, yəqin ki, heç bir effektiv nəticə olmayacaq. Minsk qrupunun üzvlərindən biri Fransadır ki, ermənilərə münasibəti aydındır, biri də Rusiyadır ki, onun da qoşunları hələlik Ermənistandadır. Allah şəhidlərimizə rəhmət eləsin.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Təşəkkür edirəm, cənab Sədr. Əlbəttə, belə bir problemin ətrafında danışmaq üçün 5 dəqiqə çox azdır. Ona görə mən vaxtın məhdud olmasını nəzərə alaraq fikrimi bir növ təkliflər formasında demək istəyirəm. Hörmətli cənab Sədr, ən əvvəl Milli Məclisin bu istiqamətdəki fəaliyyəti təqdirəlayiqdir və mən onu alqışlayıram. Hesab edirəm ki, təməli ümummilli liderimiz tərəfindən qoyulmuş böyük siyasətin bugünkü uğurlarının əsasında onun siyasətini davam etdirən komandanın fəaliyyəti durur.
Cənab Sədr, bir məqamı qeyd etmək istəyirəm. Yəqin mənimlə deputat həmkarlarım da razılaşarlar. Adicə vətəndaşın 100 manatlıq əmlakı itəndə o, müqəssiri məhkəməyə verir və ona qarşı iddia qaldırır. Mən hesab edirəm ki, hələlik bu istiqamətdə bizdə müəyyən boşluq vardır. Azərbaycanın bəlkə də 100 milyardlarla dəyəri olan qəsb edilmiş əmlakı, təbii sərvətləri, su mənbələri, təbiət və tarixi abidələri, daşınar və daşınmaz əmlakı haqqında verilən məlumatlar bir-birini təkzib edir. Mən hesab edirəm, bu ümumiləşdirilməlidir. Bu barədə, mən bilirəm ki, ölkə Prezidentinin də fikri vardır və əminəm ki, inşallah bu məsələ də öz həllini tapacaqdır.
Qaldı, indi Təbiətin və ətraf mühitin mühafizəsi üzrə Berlin Konvensiyasının baş katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə Konvensiyasının Katibliyinə, Təbiətin və təbii sərvətlərin mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidentinə və beynəlxalq səlahiyyətli digər qurumların rəhbər orqanlarına müraciət edilərək problemin siyasi, hüquqi müstəvidə həlli ilə əlaqədar böyük işlər görülür. Amma onun eyni zamanda, iqtisadi müstəvidə də həyata keçirilməsi üçün lazımi addımlar atıb, müəyyən faktları ortaya qoymaq lazımdır. Bu barədə cənab Sədr, mən öz fikirlərimi yazmışam. İndi mənim əlimin altındadır. Aparatın xətti ilə Sizə təqdim edərəm, bu barədə fikirlərinizi bildirərsiniz.
Sonra, cənab Sədr, bizim tərəfimizdən çox tez-tez “hərbi xərclər” ifadəsi işlədilir. Mən hesab edirəm ki, Azərbaycanın bu sahədə bütün addımları ancaq müdafiə xərcləri istiqamətində olduğu üçün yaxşı olardı ki, bunu “müdafiə xərcləri” adlandıraq. Çünki biz özümüzü Rusiyadan, İrandan, Gürcüstandan, Türkiyə Cümhuriyyətindən yox, yalnız erməni təcavüzkarlığından müdafiə edirik. Ona görə də bu istiqamətdə Azərbaycanın nə qədər xərcləri olsa, onu da ermənilər tərəfindən Azərbaycana tarix boyu vurulan zərərin üzərinə əlavə eləmək lazımdır.
Mən hesab edirəm ki, dediyim məqsədlə müəyyən bir işçi qrupunun, komissiyanın yaradılması və bu problemin, bu prosesin araşdırılaraq vahid bir rəqəmim ictimaiyyətə təqdim edilməsi məqsədəuyğun olardı. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! 20 il bundan əvvəl erməni millətçiləri ağır texnikadan istifadə etməklə Xocalı şəhərinin dinc sakinlərinin üzərinə hücuma keçib, hətta qatı faşistləri belə təəccübləndirəcək qeyri-insani üsullardan istifadə etməklə dinc əhaliyə divan tutdular. Sözsüz, bu, hüquqi baxımdan bir soyqırımı aktı idi, çünki onlarla beynəlxalq normativ hüquqi aktın, beynəlxalq konvensiyanın tələbləri pozulmuşdu. Amma sırf insani dəyərlər baxımından bu, Azərbaycan xalqına qarşı törədilmiş bir vəhşilik, bütövlükdə insanlığa, bəşəriyyətə utanc gətirən bir faciə idi.
Bu hadisə ilk dəfə obyektiv, siyasi-hüquqi qiymətini ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə aldı və bu sahədə çox böyük işlər görüldü. Bu gün də ölkə Prezidentinin apardığı siyasət, hücum diplomatiyası özünün real bəhrələrini verir. Xocalı soyqırımının bütün dünyaya tanıdılması istiqamətində aparılan işlərdən danışanda, sözsüz ki, Heydər Əliyev Fondunun xətti ilə görülən işlər, habelə “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən tədbirlər diqqət mərkəzindən kənarda qalmamalıdır. Sözsüz ki, əsas məqsəd Xocalı soyqırımının bu gün dünyaya tanıdılmasıdır.
Mən düşünürəm ki, Avropanın bir sıra ölkələri soyqırımını qəbul etməyən insanların cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanunlar qəbul etsə də, Azərbaycan belə bir bədnam təcrübədən istifadə etməməlidir. Çünki bu, hüquqi vandalizmdən başqa bir şey deyil. Azərbaycan yalnız baş vermiş tarixi hadisəni olduğu kimi bəşəriyyətə tanıtmaq təcrübəsindən istifadə etməlidir. Mən düşünürəm ki, bu istiqamətdə ələlxüsus türk və islam dünyası ölkələrində fəaliyyəti daha da gücləndirmək lazımdır. Çünki bunun özünün böyük bir psixoloji təsiri ola bilərdi.
Baxın, Türkdilli Dövlətlərin Parlament Assambleyasının üzvü olan ölkələrdən heç birində dövlət səviyyəsində Xocalı soyqırımı ilə bağlı bir fundamental qərar qəbul olunmayıb. İslam ölkələrində də, – doğrudur, İslam Əməkdaşlıq Təşkilatının xətti ilə qərar qəbul olunub, bunu hörmətli həmkarlarım bilirlər, – Pakistanı çıxmaq şərti ilə dövlət səviyyəsində Xocalı soyqırımını soyqırımı kimi qəbul edən bir fundamental sənəd qəbul olunmayıb. Ona görə mən düşünürəm ki, bu istiqamətdə biz öz təbliğatımızı daha sistemli, daha inandırıcı şəkildə qurmalıyıq.
Bundan başqa, mənim bir təklifim də var. Baxın, Ermənistan hələ Sovet dönəmindən qondarma soyqırımı qurbanlarına abidə ucaldaraq Ermənistana gələn insanlara onu protokol qaydasında ziyarət etdirir. Amma bizdə bu qaydada bircə Şəhidlər Xiyabanı ziyarət olunur. Mən düşünürəm ki, bizə qarşı həyata keçirilmiş soyqırımı bu təqdirdə bir növ kölgədə qalır. Mən təklif edərdim ki, Şəhidlər Xiyabanının bazasında çox möhtəşəm bir soyqırımı, ya şəhidlik memorial kompleksi yaradılsın. Gələn qonaqların bu abidəni ziyarət etməsi çox yaxşı nəticələr verərdi. Soyqırımların sayı, bilirsiniz ki, Azərbaycan tarixində çoxdur. Hörmətli Fəzail İbrahimli onları sadaladı. Onların unudulmaması və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün məhz belə bir möhtəşəm abidə kompleksinin yaradılması və ziyarət olunması düzgün olardı.
Heç də ruhdan düşmək olmaz ki, bu hadisənin üstündən 20 il vaxt keçib və hələ də dünya bunu tanımayıb. Düşünürəm ki, bu, ruhdan düşməyə əsas verməməlidir. Çünki qondarma erməni soyqırımının da təbliğatından təxminən 50–60 il keçəndən sonra onun dırnaqarası bəhrələri meydana çıxmağa başladı. Mən düşünürəm ki, zaman bizə işləyir, ən azından ona görə ki, bizim dünyaya tanıtmaq istədiyimizin bir adı var – bu, həqiqətdir. Ermənilərin isə dünyaya sırımaq istədiyinin adı yalandır. Yalanla həqiqət heç vaxt eyni bir mənəvi üzə malik ola bilməz. Bu baxımdan mən düşünürəm ki, təbliğatımızı davam etdirməli və bunu dünyaya tanıtmalıyıq.
Çıxışımın sonunda Xocalıda həlak olanların hər birinə Allahdan rəhmət diləyir, onların qohumlarına, yaxınlarına, bütövlükdə Azərbaycan xalqına “başınız sağ olsun” deyirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Etibar Hüseynov.
E. Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Azərbaycan xalqı həmişə sülhsevər, humanist xalq olubdur. Biz heç vaxt heç kəsə hücum etməmişik, heç kəsə qarşı qətliam törətməmişik. Dünyada çox müharibələr, hətta onilliklərlə davam edən müharibələr olubdur. Ancaq bu gün mən bilmirəm, dünyada bizdən başqa elə bir dövlət varmı ki, təqvimində bu qədər qara tarixlər olsun və matəm günlərini bizim qədər ağır notlar üzərində, bədbinliklə keçirsin. Bəli, Azərbaycanda bu hadisələr baş verəndə biz meydanda tək idik, kimsəsiz idik. Lakin artıq zaman dəyişibdir və bu gün Azərbaycan regionun ən güclü, qüdrətli bir dövləti olubdur. Bizim siyasətimiz də artıq müdafiə diplomatiyası üzərində deyil, hücum diplomatiyası üzərində qurulubdur.
Bu baxımdan mən təklif edərdim ki, biz keçirdiyimiz bu matəm günlərinin format və məzmununu bir qədər dəyişək. Yaxşı olardı ki, bu anım tədbirləri, mərasimləri keçirildikdən sonra günün ikinci yarısında artıq ölkə boyu televiziyalarımızda da marşlar, cəngilər çalınsın, hərbi paradlar, milli qəhrəmanlarımızın xatirəsinə müxtəlif döyüş növləri üzrə idman yarışları keçirilsin. Mən xüsusilə təklif edərdim ki, hər il fevralın 26-da Bakıda “Xocalıya ədalət, terrora yox” şüarı altında beynəlxalq musiqi festivalı keçirilsin. Çox dövlətlər terrordan zərər çəkibdir və bu gün dünyanın çox dövlətləri terrora yox deyir. Biz bu dövlətlərdən dəvət etdiyimiz tanınmış musiqiçilərin iştirakı ilə çox möhtəşəm bir musiqi festivalı keçirə bilərik. Bu festivala xaricdən çox böyük sayda qonaqlar, jurnalistlər gələ bilər və biz də bundan kifayət qədər bəhrələnə bilərik.
Biz əksər hallarda müdafiə mövqeyində dayanır, ermənilərin dediklərinə cavab verir, onları təkrarlayırıq. Bildiyimiz kimi, ayın 26-da İstanbulda Taksim meydanında yürüş-mitinq keçiriləcəkdir. Sirr deyil ki, bu mitinq yanvar ayının 19-da İstanbulda keçirilmiş məlum mitinqə bir növ cavab xarakteri daşıyır. Lakin mən elə hesab edirəm ki, bizim keçirdiyimiz tədbirlər o vaxt möhtəşəm olar ki, biz ermənilərə bu qaydada deyil, həmişə hücum xarakterində cavablar verək. Belə götürəndə Taksim meydanında keçiriləcək həmin yürüş də erməniləri bir növ təkrarlamaq xarakteri daşıyır. Halbuki ermənilər türklərin özlərinin də qatıldığı həmin o çoxminlik mitinqi Ermənistanda, Fransada yox, bu gün də hər bir sahədə problem yaratdıqları Türkiyənin mərkəzində keçiriblər.
Bizim atdığımız addımlar o vaxt daha məqsədyönlü olardı ki, biz də nə vaxtsa həmin o mitinq və yürüşlərin Bakıda, İstanbulda yox, Yerevanda keçirilməsinə nail olaq. İndi bu, adama bir qədər xülya kimi, fantaziya kimi gəlir. Ancaq 5 il, 10 il əvvəl bizə desəydilər ki, ermənilər İstanbulun mərkəzində “hamımız erməniyik” şüarı ilə mitinq keçirəcəklər, bu da bizim üçün bir qədər inandırıcı görünməzdi. Ona görə mən təklif edərdim ki, biz bundan sonra bu matəm günlərimizin formatını bir qədər dəyişək və bu tədbirlərimizi daha çox qisasçılıq ruhunda, vətənpərvərlik ruhunda davam etdirək. Təşəkkür edirəm.
Sədrlik edən. Aqiyə Naxçıvanlı.
A. Naxçıvanlı. Hörmətli həmkarlarım, heç şübhəsiz, bu günlərdə hər bir azərbaycanlı erməni millətçilərinin yüz illərlə xalqımıza qarşı həyata keçirdiyi soyqırımı ilə bağlı fikirlərini bildirməlidir və bildirir. Bu gün biz Xocalı soyqırımının dünyada baş verən bütün soyqırımlarından daha dəhşətli olduğunu qeyd etməklə əvvəlki illərdə də ermənilər tərəfindən Azərbaycan ərazisində dinc əhalinin kütləvi şəkildə məhv edilməsini yada salmalıyıq. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər tərəfindən 50 min azərbaycanlının qətlə yetirilməsini, əlbəttə ki, biz unuda bilmərik. Onların da arasında çoxlu qadın və uşaq olmuşdur. Göründüyü kimi, erməni seperatçıları nə vaxt fürsət tapırsa, eyni ssenarini təkrar edirlər.
Ermənilərin ziyalısı sayılan Zori Balayan 1996-cı ildə nəşr olunmuş bir kitabında erməni vəhşiliklərini yüksək pafosla vəsf edərək görün nə yazır: “Vətəndaşlıq və kişilik zirvəsi kimi mən də bu türklərə işgəncə verdim. Mən Xaçaturla onların saxlandığı zirzəmiyə girəndə bizim əsgərlər bir uşağı dırnaqlarından pəncərəyə mıxlamışdılar. Çox səs çıxarmaması üçün Xaçatur uşağın anasının kəsilmiş döşlərini onun ağzına soxdu. Daha sonra mən 13 yaşlı bir türk uşağın sinəsini və qarnını yardım, uşaq 7 dəqiqədən sonra qan itkisindən öldü. Mənim ixtisasım həkim, humanist olduğu üçün uşağa etdiyimdən xoşbəxt olmadım. Ancaq qəlbimdə böyük bir sevinc var idi. Çünki mən xalqıma edilənlərin yüzdə birinin intiqamını aldım. Xaçatur isə türklərin cəsədlərini parçalayaraq böldü və itlərə atdı. Dünən biz eyni hərəkəti daha üç türkün üstündə tətbiq etdik. Bununla mən ermənilik, vətənpərvərlik və vətəndaşlıq borcumu yerinə yetirdim.” Bu, Zori Balayanın, yəni bunların ziyalılarının sözləri və hərəkətləridir. Ona görə də mən fikirləşirəm ki, bizim ziyalılar belə Zori Balayanlara cavab vermək üçün iştirak etdikləri forumlardan maksimum faydalanmağa çalışmalıdırlar.
Bizim Azərbaycanda hazırda 30 minə yaxın erməni yaşayır. Çox maraqlıdır, görəsən, bu 20 il ərzində bunların biri də olsun Xocalı soyqırımını qınayıb və ya Xocalı soyqırımının nəticəsində yetim qalan bir uşağa kömək edibmi? Yəni onlar özlərini Azərbaycan vətəndaşı hesab edirlərsə, niyə bu vaxtadək mövqelərini ortaya qoymayıblar? Məncə, məqamı və vaxtıdır ki, biz onların da dilindən nə isə eşidək. Çünki buranın suyunu içir, buranın havası ilə nəfəs alır, buranın çörəyini yeyirlər.
Mən düşünürəm ki, bizim başımıza gələn bəlalar ürəyimizin yumşaq olmasından və vurulan zərbələri tez unutmağımızdandır. Mənə elə gəlir ki, belə şeyləri biz unutmalı deyilik. Bu tədbirlər, şübhəsiz ki, Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə həyata keçirilir. Ancaq bu tədbirlər kampaniya xarakteri daşımamalı, hər bir səfirliyimizdə, hər bir müəssisədə erməni genosidinin tarixini nümayiş etdirən daimi stendlər olmalı, saytlarda hər gün məlumatlar yerləşdirilməli, hər təhsil müəssisəsində soyqırımı haqqında stendlər hazırlanmalıdır.
Mən düşünürəm ki, biz azərbaycanlılar bu yalançı beynəlmiləlçilik fikrindən uzaqlaşmalıyıq. Biz yaxşı mənada millətçi olmalı, uşaqlarımızı, nəvələrimizi də bu ruhda tərbiyə etməliyik.
Mən də burada deyilən fikirlərə qoşularaq Azərbaycanda bu mövzuda böyük forumların, beynəlxalq konfransların keçirilməsinin, yaxşı filmlərin hazırlanıb nümayiş etdirilməsinin tərəfdarıyam. Mən düşünürəm ki, Xocalı soyqırımını biz nəyin bahasına olursa-olsun mütləq dünyaya tanıtmalıyıq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siz bir məsələyə toxundunuz, Aqiyə xanım, amma narahat olmayın. Qan qarışdıra bilərlər, amma qan dəyişə bilməzlər. Bu çətin məsələdir. Fuad Muradov.
F. Muradov. Hörmətli Oqtay müəllim, hörmətli həmkarlar! Əvvəla, təşəkkürümü bildirmək istəyirəm ki, belə bir günün anılmasında məhz bu format seçilmişdir. Bu gün biz sərgi də keçirdik, Milli Məclisdə müzakirələr də oldu. Siyasi rəhbərliyin iradəsi nəticəsində, həqiqətən də, bütün Avropaya, bütün dünyaya səsləndik. Hesab edirəm ki, bu, son illərdə təbliğatın güclənməsi ilə bağlıdır.
Burada fikirlər səsləndi. Mən onları təkrar eləmək istəmirəm. Bir neçə təklifim var. Düşünürəm ki, bu istiqamətdə parlamentdə kifayət qədər işlər görülür. Sadəcə olaraq, biz çalışmalıyıq ki, bu işlərin ümumi istiqaməti bəlli olsun. Avropa parlamenti ilə, digər parlamentlərlə əlaqələrimizdə təbliğatın gücləndirilməsinə çox böyük ehtiyac vardır. Bu gün dünyada, xüsusilə də Avropada parlament üzvləri bir-biri ilə ünsiyyətdə olanda, bir-birinə məlumat çatdıranda o məlumatların düzgün, dəqiq olması çox vacib məsələlərdən biridir.
Bu gün biz təbliğat vasitələri haqqında danışdıq. Hazırda, demək olar ki, yalnız Heydər Əliyev Fondu tərəfindən hazırlanan materiallardan başqa, Avropaya təqdim edə biləcəyimiz səviyyədə vasitələrimiz yoxdur. Ona görə bu istiqamətdə biz hər birimiz – iş adamları da, ictimai təşkilatlar da, hamımız çalışmalıyıq ki, bu vasitələrin sayı və növləri çox olsun. Yəni bu gün insanlara bu haqda daha çox məlumat verilməsi lazımdır.
Leyla xanımın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası başlayanda, təbii ki, bu yanaşma Avropada yeni idi. Yəni onların Dağlıq Qarabağ məsələsindən və Xocalı faciəsindən məlumatı az olduğuna görə bu məsələyə bir az soyuq yanaşırlar. Amma illər keçdikcə biz görürük ki, həm beynəlxalq ictimaiyyət, həm də müxtəlif parlamentlərdə bizim həmkarlarımız Azərbaycanın başına nə qədər böyük müsibətlər gətirildiyini dərk eləyirlər. Ona görə də biz bu işi mütləq davam etdirməli, çalışmalıyıq ki, daha çox ziyalılar, ictimaiyyət nümayəndələri, siyasətçilər bu həqiqətləri bilsinlər və bu haqda danışsınlar.
 Mən düşünürəm ki, eyni zamanda, daxili auditoriya ilə bağlı tədbirlərimiz davam etməlidir. Düzdür, kifayət qədər təbliğat aparılır. Mən gənclərlə işlədiyimə görə deyə bilərəm ki, biz hər dəfə çalışırıq, bu mövzuda məlumatları şagirdlərə, tələbələrə daha geniş, daha düzgün formada çatdıraq. Amma statistik məlumatlarla da bağlı xüsusi bir yanaşma olmalıdır. Yəni biz ermənilərin yolu ilə getməməli, hamıya ancaq düzgün məlumatları, rəqəmləri çatdırmalıyıq. Beynəlxalq ictimaiyyət tərəfindən yalnız reallığı əks etdirən rəqəmlər qəbul olunur. Çünki əslində Xocalı soyqırımının tanınması istiqamətində səylərimiz, əsasən, beynəlxalq aləmə yönəldilib. Onlar da çalışırlar, bu istiqamətdə bizə yardımçı olsunlar.
Cinayət törətmiş şəxslərin tapılması ilə bağlı burada fikirlər söylənildi. Biz çalışmalıyıq ki, o adamlar haqqında daha düzgün, daha dolğun məlumat alaq və bu məlumatdan öz təbliğatımızda istifadə edək. İstisna deyil ki, o adamlardan bəziləri bu gün Avropada yaşayır və diaspor işinə qoşulub bizə qarşı təbliğat aparırlar. Ona görə yəqin ki, biz cinayət törətmiş şəxslərlə bağlı xüsusi bir məlumat bazası toplamalı və bu məlumatları bütün görüşlərimizdə insanlara çatdırmalıyıq.
Bir neçə təklifim də var. Bu gün Azərbaycanın böyük imkanları var. Biz çalışmalıyıq ki, bu imkanlardan istifadə edərək Dağlıq Qarabağla bağlı, torpaqların işğalı ilə bağlı məlumatları xarici dillərdə dünya ictimaiyyətinə çatdıraq. Mən bu mövzuda filmləri, diskləri, fotomaterialları, eyni zamanda, Xocalı faciəsi ilə bağlı hər hansı bir şəxsin həyatı, taleyi haqqında məlumatları nəzərdə tuturam. Yəni bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən çox yaxşı qəbul olunur.
Bu gün biz bir çox beynəlxalq təşkilatların üzvüyük. Mən bilirəm ki, o təşkilatlarda bizim nümayəndə heyətləri kifayət qədər fəal iş aparırlar. Amma bu işin daha da səmərəli təşkil olunması üçün yaxşı olardı ki, bizim nümayəndə heyətlərimiz malik olduqları məlumatları bir-biri ilə bölüşsünlər. Çünki bu halda bütün beynəlxalq təşkilatlara daha dolğun və geniş məlumatlar çatdırmış olarıq.
Mən o ümidlə yaşayıram ki, biz yaxın gələcəkdə...
Sədrlik edən. Sağ olun. Novruzəli Aslanov.
N. Aslanov. Təşəkkür edirəm, hörmətli Sədr. Artıq 20 ildir ki, Azərbaycan xalqı Xocalı soyqırımını öz qəlbində, ürəyində böyük bir yara kimi daşıyır. Təbii ki, bu yara heç vaxt, heç zaman Azərbaycan xalqının qəlbindən, ürəyindən silinməyəcəkdir.
Məndən öncə çıxış edən deputatlara öz dərin minnətdarlığımı, təşəkkürümü bildirmək istəyirəm. Əlbəttə, bu mövzuda danışarkən orijinal ola bilmərik, çünki fikirlər mütləq təkrarlanacaq. Mən onu qeyd etmək istəyirəm ki, Xocalı soyqırımına siyasi qiymət bu parlamentdə, bu binada ulu öndərimiz tərəfindən verilmişdir və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən sistemli şəkildə siyasətin qurulması onu göstərir ki, biz heç zaman torpaqlarımızın işğalı ilə barışmayacaq və mütləq öz ərazi bütövlüyümüzü təmin edəcəyik.
Hörmətli həmkarlar, XXI əsrdə dünyanın bir çox problemləri var – qloballaşdırma problemi, ərzaq problemi, iqlim problemi və sair. Lakin mənə elə gəlir ki, dünyanın ən böyük problemlərindən biri də yaddaşsızlıqdır. Onun sindromunu bütün insanlarda, bütün cəmiyyətdə görmək olar. Amma nədənsə Azərbaycan xalqı bu “xəstəliyə” daha çox tutulub. Bu gün biz Xocalı soyqırımı hadisələrini müzakirə edirik. Amma tarixə baxarkən görürük ki, ondan qabaq Quba soyqırımı, Şamaxı soyqırımı, Nəvai soyqırımı, Bakı soyqırımı və bir çox bölgələrimizdə soyqırımlar həyata keçirilib. Əfsuslar olsun ki, biz müvafiq nəticələr çıxarmamışıq. Bəlkə də nəticələr çıxara bilərdik. Lakin o vaxt 70 il ərzində SSRİ tərkibində fəaliyyət göstərdiyimizə görə sovet hökuməti buna imkan verməmişdir. Əlbəttə, görülən işləri qeyd etmək, Heydər Əliyev Fondunun gördüyü işləri mütləq qiymətləndirmək lazımdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Xocalı soyqırımı ilə bağlı həqiqətlərin mütəmadi olaraq, sistemli şəkildə beynəlxalq aləmə çatdırılması ilə məşğuldur və bu da təqdirəlayiqdir.
Mən fürsətdən istifadə edib, bizim televiziya kanallarına və kütləvi informasiya vasitələrinə öz dərin minnətdarlığımı, təşəkkürümü bildirmək istəyirəm, çünki nə qədər tənqid olunsalar belə, onların gördüyü iş əvəzsizdir. Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin silsilə yazılarından sonra bir sıra özəl telekanallar öz proqramlarında müvafiq dəyişikliklər, korrektələr etdilər. Amma əfsuslar olsun ki, bu, davamlı xarakter almadı. Mən heç də istəmirəm ki, bizim televiziyalarımız öz verilişlərini kədərli notlar üzərində qursunlar. Lakin onun da lehinə deyiləm ki, bizim bütün proqramlarımız şou üzərində qurulsun.
Nəhayət, mən burada səslənən bir fikrə öz münasibətimi bildirmək istəyirəm. Hörmətli Rafael Cəbrayılov bir çox ölkələrdə olduğu kimi, bizdə də memorial kompleksin tikilməsi və onun ziyarət olunmasının protokola salınması barədə bir təklif verdi. Mən istərdim ki, biz öz işimizi o səviyyədə quraq və xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə o səviyyədə çatdıraq ki, gələcəkdə bizim ölkəmizə gələn qonaqlar bu memorial kompleksə könüllü surətdə baş çəkib şəhidlərimizin ruhu qarşısında hörmət və ehtiramlarını bildirsinlər. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Rafiq Məmmədhəsənov.
R. Məmmədhəsənov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Haqqında dönə-dönə deyilmiş və yazılmış bu faciə ilə bağlı həqiqətləri insanların, xüsusən gənclərin diqqətinə çatdırmaqdan yorulmamalıyıq.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşmiş 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərinə hücum etmiş, şəhər hər tərəfdən mühasirəyə alınaraq artilleriya və ağır texnikadan güclü atəşə tutulmuşdur. Şəhərin müdafiəçiləri və yerli əhali başdan ayağa silahlanmış hərbçilərin və quldur dəstələrinin xüsusi qəddarlıqla həyata keçirdikləri amansız hücuma davam gətirə bilməmiş və fevralın 26-sı səhər saat 5-də qədim Xocalı yer üzündən silinmiş, əhalisi dəhşətli soyqırımına məruz qalmışdır. Erməni vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qalmışlar.
Ziyafət müəllim, Siz öz çıxışınızda statistik məlumatların hamısını verdiniz. Ona görə mən bunların üzərində dayanıb camaatın vaxtını almaq istəmirəm. Burada insanlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər. Bu əsl soyqırımıdır – miqyasına və qəddarlığına görə tarixə düşmüş Xatın və digər faciələrdən geri qalmayan bir soyqırımı. Hətta müharibə fotojurnalistləri belə bu dəhşətli mənzərədən heyrətə gəlmiş və qeyd etmişdilər ki, alman faşistləri də ermənilər qədər qəddarlıq və vəhşilik törətməmişlər. Onu da xatırlatmalıyam ki, erməni vəhşiliyinin qurbanı olmuş yüzlərlə insanın taleyi hələ də rəsmi məlumat siyahılarından kənarda qalmışdır.
Bu haqda çox danışmaq olar. Mən bir-iki təklif vermək istəyirəm. Birinci təklifim. Faktiki materiallar, videoyazılar, şəkillər və sair var. Bunların hamısından Xocalı muzeyi yaradılsın. Xaricdən gələn qonaqlar Şəhidlər Xiyabanı ilə yanaşı Xocalı muzeyinə də aparılsınlar. Digər tərəfdən, orta məktəb şagirdlərinin, gələcək nəslin bunu unutmaması üçün bütün məktəblərin müəyyən sinifləri il ərzində müəyyən günlərdə Xocalı muzeyinə ezam olunsun. Orada onlara bu soyqırımı barədə geniş məlumat verilsin ki, gənc nəsil bunu yaddan çıxartmasın.
İkinci növbədə mən istəyirəm, bu materiallar əsasında Xocalı haqqında genişformatlı bir film çəkilsin. Bu film xarici dillərə, xüsusən ingilis dilinə tərcümə olunsun və bütün dünyaya yayılsın, bütün ölkələrdə nümayiş etdirilsin. Dünyada çox geniş şöhrət qazanmış populyar kinostudiyalar var. Onların köməyindən istifadə edərək belə film çəkib bütün dünyaya yaymaq olar. Bütün dünya ermənilərin bu vəhşiliyinin şahidi olar və bu soyqırımını bütün parlamentlər tanıyar. Mən çox danışıb vaxtınızı almaq istəmirəm. Bütün Xocalı şəhidlərinə, eləcə də Vətən yolunda qurban getmiş şəhidlərimizin hamısına Allahdan rəhmət diləyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Leyla Abdullayeva.
L. Abdullayeva. Təşəkkür edirəm. Hörmətli həmkarlar, bu faciə haqqında hörmətli Ziyafət müəllim və dəyərli həmkarlarım çox ətraflı məlumat verdilər. Mən də təkrara yol vermədən qısaca fikrimi söyləmək istərdim.
Dünya tarixinə nəzər salaraq əsrlər, minilliklər boyu çox müharibələr, cinayətlər törədildiyini görürük. Bu savaşlarda nə qədər insanın həlak olmasını, qətlə yetirilməsini, itkin düşməsini, əlil edilməsini çətin ki, kimsə hesablaya bilsin. Hər bir müharibə, hər bir savaş istər-istəməz itkilərlə müşayiət olunur. Lakin müharibə salnaməsini bir-bir vərəqləsək, çox az hallara rast gələ bilərik ki, insanlara heç bir müqavimət göstərilməməsinə rəğmən yalnız milliyyətinə, etnik mənsubiyyətinə, daşıyıcısı olduğu din və dilinə görə məhv etsinlər. Biz ikinci Dünya müharibəsi illərində faşist Almaniyasının yəhudilərə qarşı Holokost hadisələrinin, 1970-ci illərdə Kambocada qırmızı kxmerlərin yerli əhaliyə qarşı cinayətlərinin və 1994-cü ildə Ruandada olan qətliamın və digər hadisələrin adını çəkə bilərik. Bütün bu faciələr, əlbəttə, insanlığa qarşı, bəşəriyyətin əleyhinə edilmiş cinayətlərin nümunələridir. Təəssüf ki, başı çox bəlalar çəkmiş Azərbaycan da belə hadisələrin, cinayətlərin qurbanları sırasındadır.
Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün aparılan müharibədə yerli azərbaycanlıların gözünü qorxutmaq üçün, mübarizə əzmini qırmaq məqsədi ilə Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyində baş alıb gedən hərcmərclikdən istifadə edərək erməni hərbi birləşmələri və onların havadarları 1992-ci il fevralın 26-da insanlıq tarixinin ən amansız qətliamlarından birini törətdilər. Bu gün Ermənistan Respublikasına rəhbərlik edən, əli köməksiz uşaq və qadınların qanına bulaşmış şəxslərin iştirakı ilə ermənilərin və onların dəstəkçilərinin alnına əbədi lənət yazdıran, bu gün bütün dünya azərbaycanlılarının Xocalı soyqırımı kimi andığı hadisələr törədildi. Kim bilir, daha hansı ağır cinayətlər törədiləcəkdi? Əgər ulu öndər ikinci dəfə xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra xalqımızı xilas etməsəydi.
Xocalı soyqırımı günü hər birimizin anmalı olduğu bir gündür. Bu gün Azərbaycan dövləti, onun başçısı cənab Prezidentimizin apardığı xarici siyasətin nəticəsidir ki, həmin faciə bir sıra ölkələrdə qiymətini almağa başlamışdır. Bir müddət əvvəl Meksika parlamenti Xocalı hadisələrini soyqırımı aktı kimi tanıdı. Pakistanın Xarici İşlər Komitəsinin bu barədə müvafiq qərarı qəbul edildi. Heydər Əliyev Fondunun, onun vitse-prezidenti Leyla Əliyevanın başladığı “Xocalıya ədalət!” kampaniyası nəticəsində artıq dünyanın müxtəlif ölkələrində Xocalı həqiqətləri səsləndirilir. Bu gün ictimai sektor, qeyri-hökumət sektoru, xaricdə yaşayan azərbaycanlılar, orada təhsil alan azərbaycanlı tələbələr, yerli universitetlərimizin tələbələri, gələcəyimiz olan orta məktəb şagirdləri onlar üçün yaradılan şəraitdən, informasiya texnologiyalarından istifadə edərək öz fəaliyyətlərində Qarabağ həqiqətlərini yaymağı, təbliğ etməyi özlərinin mənəvi borcu, milli məsələ hesab etməlidirlər və bu işi daha da genişləndirməlidirlər.
Mən hesab edirəm və əsas təklifim də bundan ibarətdir ki, bu gün bütün dünyada insan haqlarını müdafiə edən dövlət və təşkilatlar 100 il bundan əvvəlki tarixə aid yalan və qondarma hadisələri deyil, insanların ən əsas, başlıca hüququ – yaşamaq hüququnun pozulduğu və bu barədə çoxsaylı təkzibolunmaz, real, dürüst sübutların olduğu 1992-ci il hadisələrinə diqqət yetirsələr, daha da yaxşı olardı. Azərbaycanın gündən-günə artmaqda olan dostları və hətta mənfur qonşularımız belə bilməlidirlər ki, artıq bugünkü Azərbaycan 1992-ci ildəki zəif və gücsüz Azərbaycan deyildir. Bugünkü Azərbaycan, onun rəhbərliyi Xocalı həqiqətlərini dünyaya çatdırmağa, pozulmuş ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S. Alıyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sədarət, dəyərli həmkarlar! Xocalı soyqırımının 20-ci ildönümünün Milli Məclisdə anılması vacib olduğu qədər önəmli, önəmli olduğu qədər də vacibdir. Vacibdir ona görə ki, biz bununla soyqırımı qurbanlarının ruhları qarşısında ilk növbədə öz soydaşlıq və vətəndaşlıq borcumuzu yerinə yetiririk. Bununla bütün dünyaya, o sıradan da bu müsibəti törədənlərə bildiririk ki, biz daha heç nəyi unudan deyilik. Bilirsiniz, Xocalı faciəsi, Xocalı soyqırımı həm də bizim unutqanlığımızın bədəli idi ki, biz bunu yaşadıq. Ziyafət müəllim, az öncə Siz də dediniz, 1948-ci il Konvensiyasına görə Xocalıda baş verənlər soyqırımı idi.
Biz bu gün Xocalı soyqırımını dünya gündəminə çıxarırıq. Əsas məqsəd dünyada bunu tanıtdırmaqdır. Niyə çıxarırıq? Öncə onu deyim ki, Xocalı soyqırımını törədənlərin əsas məqsədindən biri də, indi Ermənistana rəhbərlik edən Serj Sarkisyanın Tomas de Vaala verdiyi müsahibədə də vurğuladığı kimi, bu idi ki, biz, azərbaycanlılar bunu unutmayaq, bundan sarsılaq, sınaq. Haradasa onlar öz məqsədlərinə çatıblar. Bəli, biz bunu unutmuruq. Biz 20 il bundan əvvəlki acını bu gün də necə varsa, o cür yaşayırıq. Amma bu yaşamaq o yaşamaqdan deyil. Bu olayı planlaşdıranlar, soyqırımı aktını törədənlər və onların havadarları fikirləşirdilər ki, bununla bizi sındıracaqlar, bizdə erməni xofu, erməni təşvişi yaradacaqlar.
Ötən gün Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin keçirdiyi mitinqdəki çıxışdan da göründüyü kimi, ermənilər Azərbaycanla, Azərbaycan xofu ilə qorxudulurlar. Erməni rəsmiləri həm açıq görüşlərdə, həm də gizli şəkildə dəfələrlə öz havadarları qarşısında məsələ qaldırırlar ki, Azərbaycanı savaşdan çəkindirsinlər. Biz artıq regionun bütün sahələr üzrə, həm siyasi, həm iqtisadi, həm də humanitar sahə üzrə lideri olduğumuzu təsdiqləmişik. Siyasi sahədə liderliyimizi BMT Təhlükəsizlik Şurasına üzvlüklə, iqtisadi sahədəki liderliyimizi Böyük İyirmilərin toplantısına dəvət almaqla, humanitar sahədəki liderliyimizi “Eurovision” yarışmasında qələbəmizlə təkcə regional deyil, bir daha deyirəm, beynəlxalq səviyyədə təsdiqləmişik.
Bizim bu məsələni dünya gündəminə çıxarmaqda da məqsədimiz ermənilər kimi ağlayıb sızlamaq, kimdənsə yardım ummaq deyil. Bizim məqsədimiz ermənilərdən fərqli olaraq, kin-küdurət içərisinə qapılaraq, hansısa xalqa, hətta ermənilərin özlərinə qarşı belə soyqırımı törətmək deyil. Bizim bu məsələni dünya gündəminə çıxarmaqda məqsədimiz dünyada belə hadisənin bir də baş verməməsi, təkrarlanmaması üçündür, hətta ermənilərin özlərinə qarşı belə.
Dünən cənab Prezidentin müraciətində də qeyd edildiyi kimi, bu soyqırımını törədən adamlar, erməni faşistləri, təbii ki, Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında öz cavabdehlik məsuliyyətlərindən yayınmayacaqlar. Bunun üçün ilk növbədə güc lazımdır. Az öncə göstərdiyimiz faktlar da sübut edir ki, bəli, həmin güc artıq bizdə var. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, əgər 1915-ci ildən üzü bəri uydurma soyqırımını tanıtmaq üçün ermənilərin bütün cəhdləri ancaq 20 dövlətin tanıması ilə nəticələnibsə, son 3 ildə Heydər Əliyev Fondunun xətti ilə “Xocalıya ədalət” kampaniyası başlanandan artıq iki dövlət bu soyqırımını tanıyıb. Özü də bu uydurmanı bəzi dövlətlər özləri tanımaq istədikləri halda, bizə inanaraq, faktları görərək tanıyırlar. Bu, təbii ki, önəmli faktdır. Sonda mən bir məsələni də qeyd etmək istəyirəm.
Sədrlik edən. Vaxtınız bitdi. İqbal Məmmədov.
İ. Məmmədov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli deputatlar, bu gün biz 20 il əvvəl Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi Xocalı soyqırımına aid dinləmələr keçirməklə erməni hərbçilərinin və onların havadarlarının dinc əhaliyə qarşı törətdikləri kütləvi qırğın faktına bir daha dünya ictimaiyyətinin diqqətini cəlb edib, beynəlxalq birliyi bu kütləvi qırğını ittiham etməyə və onu soyqırımı kimi tanımağa çağırırıq. Xocalı soyqırımının müxtəlif cəhətlərdən dərk edilməsi və araşdırılması xalqımızın və müstəqil dövlətimizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Xocalı soyqırımı və ondan əvvəl xalqımıza qarşı törədilmiş digər qanlı hadisələr göstərdi ki, tarixi yaddaşsızlıq ciddi və faciəli nəticələrə səbəb ola bilər. Tarix təkrarlardan ibarətdir, belə bir söz var, amma tarixdən ibrət götürülərsə, o, əsla təkrar edilməz.
Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması istiqamətində aparılan işlərin bu il daha intensiv və sistemli xarakter daşıdığı aşkar sezilir. İndi Milli Məclislə yanaşı, rəsmi dövlət strukturları, ölkədəki ictimai təşkilatlar, həm də xaricdəki diasporumuz bu məsələdə xüsusi fəallıq göstərirlər. Xocalıda baş vermiş erməni vandalizminin mahiyyəti barədə indiyədək kifayət qədər normativ hüquqi sənəd, müraciət və bəyanatlar qəbul edildiyi, soyqırımının tanınması üçün çoxsaylı təbliğat tədbirlərinin həyata keçirildiyi məlumdur.
Bu il Heydər Əliyev Fondu başda olmaqla diaspor və digər təşkilatların “Xocalıya ədalət!” kampaniyası çərçivəsində illərdən bəri gerçəkləşdirdikləri tədbirlərin təsirliliyinin artırılması istiqamətində vahid proqram əsasında işlərin həyata keçirildiyini görürük. Xocalı soyqırımının dünya miqyasında tanınması üçün indiyədək görülmüş işlər artıq müsbət nəticələr verməyə başlayıb. “Xocalıya ədalət, Qarabağa azadlıq!” beynəlxalq kampaniyasına 57 ölkə yüksək səviyyədə siyasi dəstək verib. Son iki ildə 50-dən artıq ölkədə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində müxtəlif tədbirlər keçirilir.
İslam Konfransı Təşkilatı Parlament İttifaqının və Xarici İşlər Nazirliyi rəhbərliyinin iclaslarında Xocalı qırğınının insanlığa qarşı cinayət kimi göstərilən sənədlər qəbul edilib. Bu qətnamənin əsas xüsusiyyəti onun beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyan sənədlərdən olmasıdır. Eyni zamanda, Meksika və Pakistan parlamentlərinin müvafiq qərarları ilə Xocalıda törədilmiş qırğın soyqırımı aktı kimi qəbul olunmuşdur. Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupunun həmsədrləri xüsusi bəyanat vermiş, Merilend ştatının senatoru açıqlama yaymış və Texas ştatının Nümayəndələr Palatası isə müvafiq qətnamə qəbul etmişdir.
Biz müntəzəm olaraq dünya ictimaiyyətinin Azərbaycan həqiqətləri barədə obyektiv məlumat alması üçün səylərimizi davam etdirməliyik. Xaricdəki diaspor təşkilatlarımızın möhkəmlənməsinə, güclü lobbi və milli icmalar formalaşdırmağa nail olmalıyıq ki, onlar xaricdə də mənafeyimizi qoruya bilsinlər. Hazırda Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirlər dünyanın müxtəlif ölkələrində keçirilməkdədir.
20 il əvvəl hər kəsin gözü qarşısında baş verən, canlı şahidləri olan, onlarla jurnalistin gördüyü və sənədləşdirdiyi və artıq tam təsdiqlənmiş qətliama beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətin verilməsinin vaxtı çoxdan çatmışdır. Çünki soyqırımına münasibət bildirilməməsi cinayətkar qüvvələri yeni soyqırımlarını törətməyə cəsarətləndirir. Məhz bu cür halların indiyədək dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən lazımi şəkildə dərk olunub pislənməməsi və qarşısının alınmasına cəhd göstərilməməsi nəticəsində erməni separatçıları bütün insanlığa silinməz ləkə olan Xocalı soyqırımını törətmişlər. Xocalı soyqırımı beynəlxalq ictimaiyyət tərəfindən tanınmalı, onun günahkarları layiqli cəzalarını almalı, beynəlxalq ictimaiyyət erməni təcavüzkarlarının əsl simasını görməlidirlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əhliman Əmiraslanov.
Ə. Əmiraslanov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də həmkarlarımın fikirlərinə qoşularaq qeyd etmək istəyirəm ki, Xocalı faciəsi nəinki tariximizin, bütövlükdə türk dünyasının böyük bir faciəsidir. Bu faciə heç vaxt yaddan çıxmamalıdır. Bu faciənin törədilməsi faktı onu göstərir ki, məqsədyönlü törədilmiş bir faciədir. Bir neçə saat ərzində böyük bir yaşayış məntəqəsinə ağır silahlarla hücum olubdur. Erməni qəsbkarları öz himayədarlarının köməyi ilə dinc əhaliyə divan tutublar, soyqırımı törədiblər. Çox təəssüflər olsun ki, soyqırımı törədilən dövrdə biz bu hadisəni dünya ictimaiyyətinin nəzərinə çatdıra bilməmişik. Ola bilər, bunun obyektiv və subyektiv səbəbləri var idi.
O vaxtlar Moskvada yaşayırdım. Biz bu hadisənin necə baş verdiyi, insan tələfatı ilə maraqlananda Azərbaycandan çox ziddiyyətli xəbərlər, müxtəlif rəqəmlər alırdıq. Yəni o dövrdə biz bunu dünya ictimaiyyətinə tanıda bilməmişik. Bu istiqamətdə fəaliyyətimiz, mən hesab edirəm ki, qənaətbəxş olmamışdır. Ulu öndər yenidən hakimiyyətə gəldikdən, bu hadisələrə siyasi, hüquqi qiymət verildikdən sonra Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində böyük işlər görüldü. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü fəaliyyətin nəticəsində artıq burada qeyd olundu, dünyanın bir çox böyük ölkələrinin parlamentləri soyqırımını tanıyıblar. Bir çox səlahiyyətli təşkilatlar bu soyqırımını tanıyıblar.
Mən demək istəyirəm ki, biz bir neçə ildir Xocalı soyqırımının törədildiyi 26 fevral ərəfəsində Türkiyənin böyük universitetləri ilə birbaşa canlı əlaqə yaradırıq. Dünən belə bir canlı yayımı, telekörpünü Türkiyənin ən böyük universitetlərindən biri olan Qazi universiteti ilə yarada bildik. Qazi universitetinin minlərlə tələbəsinin Qazi universitetinin kapmusunda və Dövlət Tibb Universitetinin 2 mindən çox tələbəsinin Şəhidlər Xiyabanında Xocalı soyqırımı barəsində çıxışları birbaşa canlı yayımla aparıldı. Mənə belə gəlir ki, bu hadisə haqqında Türkiyə tərəfindən bir çox insanlar üçün yeni olan məlumatlar verildi. Biz bu istiqamətdə öz işimizi gücləndirməliyik.
Dövlətimiz, hökumətimiz, Prezidentimiz çox böyük işlər görür. Ancaq biz, millət vəkilləri, hər birimiz rəhbərlik etdiyimiz sahələrdə bu istiqamətdə işimizi daha da gücləndirməliyik. Bunun miqyasını genişləndirməliyik. Ona görə ki, tək dövlətin gücü ilə bu istiqamətdə böyük müvəffəqiyyətlər qazanmaq olmaz. Gərək biz bu istiqamətdə fəaliyyətimizi gücləndirək. Mənə belə gəlir ki, bu gün biz dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun fəaliyyətindən tam istifadə edə bilmirik. Diasporun fəaliyyətindən biz geniş istifadə etməliyik. Mənfur qonşularımız kimi diaspor fəaliyyətindən yararlana bilmirik. Bizim bir çox ölkələrdə çox güclü diasporumuz var. Bu diaspor ilə əlaqələrimiz nisbətən zəifdir, bəzən də biz onların fəaliyyətindən yetərincə yararlana bilmirik. Mənə belə gəlir ki, biz bu istiqamətdə işimizi gücləndirsək, dünya ictimaiyyətinə Xocalı faciəsini olduğu kimi çatdıra bilsək, gələcəkdə bu istiqamətdə böyük müvəffəqiyyətlər qazanacağıq. Bir məsələni də nəzərə çatdırmaq istəyirdim. Bu gün həmin torpaqlar işğal altındadır. Hazırda Ermənistana rəhbərlik edən insan deyir ki, biz Qarabağı işğal etdik, növbəti nəsillər Ağrı dağını işğal etməlidirlər.
Sədrlik edən. Sağ olun, Əhliman müəllim. Əhməd Vəliyev.
Ə. Vəliyev. Sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, bu gün Azərbaycan xalqı üçün çox dəhşətli bir hadisə olan Xocalı faciəsini müzakirə edirik. Düşünürəm ki, Azərbaycan xalqının tarixi keçmişinə nəzər salsaq, görərik ki, Azərbaycan xalqının zaman-zaman başına çox böyük fəlakətlər gəlib. Əgər biz tarixi xronologiyaya nəzər salsaq, görərik ki, bəlkə Xocalı faciəsindən də dəhşətli faciələr başımıza gəlib, lakin biz onları bu günə qədər yaddan çıxarmışıq, müzakirə obyektinə çevirməmişik və dünyaya çatdıra bilməmişik. Nəyə görə dünyaya çatdıra bilməmişik? Görkəmli alim Nils Borun bir aforizmi var. Deyir: “İki cür həqiqət var. Biri dərin həqiqət, biri zərif həqiqət. Hər ikisi həqiqətdir, ancaq zərif həqiqətə qarşı yalan, böhtan və iftiralar var. Dərin həqiqətə qarşı daha dərin həqiqət var”.
Mən düşünürəm ki, ola bilsin, biz reallığı dərin həqiqətə çevirə, dünyaya çatdıra bilmədiyimizə görə zaman-zaman belə fəlakətlərlə qarşılaşırıq. Mən düşünürəm ki, Xocalı faciəsindən də bəlkə daha dəhşətli deportasiyalar, soyqırımları və repressiyalar olmuşdur. Millətin elitasının, ziyalısının başını kəsmək elə milləti məhv etmək deməkdir, bu, soyqırımından da dəhşətlidir. Ona görə də mən düşünürəm ki, artıq zamanı çatıb, biz Azərbaycanın milli tarixi ilə bağlı bir qanun qəbul etməliyik. Bu qanunda bütün tarixi keçmişimizin nə cür yazılması, bugünkü insanlara nə cür çatdırılması və gələcək üçün görəcəyimiz işlər əksini tapmalıdır. Bu qanunun qəbul olunması çox vacibdir. Tarix yazmaq tarix yaratmaq qədər çətin və məsuliyyətlidir. Hesab edirəm ki, biz tarixi elə yazmalıyıq ki, biri digərinin əksinə istiqamətlənməsin. Yazdıqlarımızın hamısı eyni şəkildə üst-üstə düşməlidir ki, düşmənlərimiz və yaxud digər millətlər Azərbaycan xalqının başına gətirilən bəlaları dərk etsinlər. Bu çox vacib bir məsələdir.
Bu gün biz özümüzü tolerant bir ölkə, millət kimi tanıtmaq istəyirik. Mən hesab edirəm ki, bu çox vacibdir. Lakin biz övladlarımıza lap körpəlikdən elə istiqamət verməliyik ki, onlar düşmənlərini tanısınlar. Ermənilər ona görə udublar ki, onlar uşaqlarına tərbiyə verərkən, türklər, azərbaycanlılar ermənilərə qarşı heç bir qəddarlıq etmədikləri halda, azərbaycanlını, türkü düşmən kimi tanıdıblar. Hər bir erməni azərbaycanlını, türkü özünə düşmən qəbul edib. Mən hesab edirəm ki, artıq zamanı çatıb, biz də hər bir körpəmizə, insanımıza anadan olandan ölənə qədər başa salmalıyıq ki, Azərbaycanın bir düşməni var. Onlardan xilas olmaq üçün həmin millətə nifrət hissi oyatmalıyıq. Biz bu nifrət hissini insanlarımızda oyatmayana qədər hesab edirəm ki, heç nə əldə edə bilməyəcəyik.
Hesab edirəm ki, təkcə Xocalı faciəsi günü belə stendlər düzəldib, tədbirlər keçirilməməlidir. Bütün ilboyu, hər bir zaman biz bu faciəni dərk etməli və insanlarımıza, gənclərimizə çatdırmalıyıq. Hər bir təhsil müəssisəsində, bağçada və müəssisədə Azərbaycanın tarixini əks etdirən böyük bir guşə yaradılmalıdır. Xaricdən gələn qonaqların hamısı həmin guşə ilə tanış olmalıdırlar, onlara izah olunmalı, ingilis dilində və digər dillərdə başa salınmalıdır ki, Azərbaycanın başına gələn bəlalar nədən ibarətdir. Bütün bu yükü biz dövlətin və yaxud ölkə rəhbərinin üzərinə atmalı deyilik. Mən hesab edirəm ki, bu gün ölkə rəhbərinin, Heydər Əliyev Fondunun gördüyü işlər...

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Gülçöhrə Məmmədova.
G. Məmmədova. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Məndən əvvəl çıxış edən həmkarlarımın sözlərinə, fikirlərinə qoşularaq mən də öz fikrimi bildirmək istəyirəm. Bəzi sözlərim təkrar ola bilər. Bu gün elə bir məsələ müzakirə olunur ki, hər bir vətəndaş, hər bir millət vəkili öz sözünü deməli, fikrini bildirməlidir. Bəli, bu bizim tariximizdir. Bəli, tariximizdə ən dəhşətli günlərdən, ən dəhşətli hadisələrdən biridir. Tamamilə doğrudur, Əhməd müəllim düz deyir, bu, əlbəttə, yeganə gün deyil. Bundan əvvəl də, bəlkə bundan da acı günlərimiz olub. Bəlkə bundan da böyük soyqırımlarımız olub, sadəcə, bizim bu barədə informasiyamız olmayıb. Xocalı hadisəsi isə 20 il bundan əvvəl hamımızın, demək olar ki, gözü qarşısında törədilən bir hadisədir. Bizim borcumuzdur ki, bu hadisəyə düzgün qiymət verilməsinə nail olaq. Bu, əslində, hər bir azərbaycanlının, daha çox hər bir deputatın, millət vəkilinin borcudur. Azərbaycan xalqının bütün qüvvələri bu məsələnin həlli üçün səfərbər olmalıdır. Tək siyasətçilər yox, hər bir azərbaycanlı düşünməlidir ki, Xocalı soyqırımının tanınması üçün nə etməlidir. Bu gün dünya parlamentlərindən bir neçəsi artıq soyqırımını tanıyır. Lakin bu çox azdır. Biz çalışmalıyıq, çox zəhmət çəkməliyik ki, dünya parlamentləri hamısı Xocalı soyqırımını tanısın.
Dünyada bu gün insan hüquqlarına müxtəlif beynəlxalq təşkilatlar tərəfindən çox böyük diqqət yetirilir. Biz yorulmadan, usanmadan onlara bu barədə məlumat verib tələb etməliyik ki, onlar da insanlığa qarşı törədilən vəhşiliyə münasibət bildirsinlər, bunu soyqırımı kimi tanısınlar. Biz Xocalı haqqında həqiqətləri yayaraq dünyada bilmək, eşitmək istəməyənlərə zorla çatdırmalıyıq ki, özlərini məzlum, yazıq xalq kimi qələmə verən ermənilər, əslində, hansı vəhşiliyə, qəddarlığa qadirdirlər.
Əlbəttə, bu məsələdə informasiya çox böyük rol oynayır. Burada fikirlər səsləndi ki, film çəkilməlidir. Bəli, filmlər də çəkilməli, daha çox kitablar da yazılmalı və müxtəlif dillərə tərcümə olunmalıdır. Biz bunları bütün dünyaya yaymalıyıq. Əsrimiz informasiya texnologiyaları əsridir və bunun üçün İnternetdən daha səmərəli istifadə etməliyik. İnternetdə işləyən, oraya daxil olan hər bir Azərbaycan gənci özünə borc bilməlidir ki, Xocalı, Qarabağ həqiqətləri barədə bir məlumatı orada yerləşdirsin, beynəlxalq təşkilatlara, xarici ölkələrin nüfuzlu siyasətçilərinə müraciətlər etsin. Biz gənclərimizi buna yönəltməliyik. Ali məktəblərdə tələbələrimizi buna yönəltməliyik və tələb eləməliyik ki, onlar da bu işi görsünlər.
“Xocalıya ədalət” kampaniyası artıq başlanıb və mən bu kampaniyaya çox yüksək qiymət verirəm. Bu kampaniyanın daha geniş aparılmasına hamımız dəstək verməliyik, qoşulmalıyıq. Xocalı soyqırımının 20-ci ildönümündə biz Qarabağ müharibəsində qətlə yetirilən bütün soydaşlarımızı, həlak olan qəhrəmanlarımızı da yada salırıq. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Qarabağ torpaqlarının Azərbaycana qaytarılması üçün nəyi etməmişiksə, hamısını etməyə hazır olmalıyıq. Təxminən bir ay bundan əvvəl biz 20 yanvar hadisələrinin ildönümünü qeyd etdik. İnsanlarla görüşlər zamanı eşitdiyim bir iradı mən bu gün Milli Məclisdə səsləndirmək istəyirəm. Qəhrəmanlarımızı daha çox təbliğ etməliyik, Milli qəhrəmanlarımız barədə daha çox filmlər çəkilməlidir. Onların heç də hamısı barədə məlumat yoxdur. Gənclərimizi onların nümunəsində tərbiyə etməliyik. Azərbaycanın gələcək tarixində bu cür hadisələrin olmaması üçün bu gündən zəmin yaratmalıyıq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Sadıqov.
B. Sadıqov. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Xocalı faciəsi əsrin elə bir fəlakətidir ki, onu bütün parametrlər üzrə sübuta yetirmək mümkündür. Kifayət qədər şahidlər, iştirakçılar, fotoşəkillər var. Bunlar hadisənin necə qəddarlıqla, vəhşiliklə törədildiyini və soyqırımı olduğunu sübut edir. Eyni zamanda, Hərbi Prokurorluqda xüsusi istintaq şöbəsi yaradılıb. Burada da hüquqi müstəvidə baş verənləri sübut etmək, təqsirkarları cinayət məsuliyyətinə cəlb etmək üçün ardıcıl, planlı şəkildə iş gedir, bir sıra cinayət işləri tamamlanır. Vaxtı gələndə, yəqin ki, bunu törədənlər ədalət məhkəməsi qarşısında dayanacaqlar.
Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya qəbul etdirilməsi istiqamətində Azərbaycan iqtidarı məqsədyönlü və ardıcıl şəkildə iş aparır. Bu həm də onu göstərir ki, Prezidentimiz tərəfindən elan olunmuş hücum diplomatiyası öz uğurlarını əyani şəkildə göstərməkdədir. Xüsusən xarici ölkələrdə Xocalı soyqırımının qəbulu ilə bağlı Heydər Əliyev Fondunun apardığı işlər çox təqdirəlayiqdir. “Xocalıya ədalət!” kampaniyası dünyanın hər yerində yayılıb və artıq bir çox dövlətlər bunu qəbul ediblər. Pakistanda, Meksikada qəbul olunub. İslam Əməkdaşlığı Təşkilatı bununla bağlı çox kəskin bəyanat verib, sənəd qəbul olunub. Bunlar hamısı çox yaxşıdır, uğurludur, lakin biz bununla arxayınlaşa bilmərik. Çünki bizim düşmənimiz daha güclüdür, mütəşəkkildir, bu sahədə təcrübəsi var və yalandan çox məharətlə istifadə etmək sahəsində peşəkarlaşıb. Mən konkret bir neçə təkliflə çıxış etmək istəyirəm. Ola bilsin, bunlar həmkarlarım tərəfindən səsləndirilib. Amma onlara da dayaq olmaq, fikirlərimi müdafiə etmək mənasında demək istəyirəm.
Fevralın 26-da dünyanın yüzə qədər ölkəsində Xocalı soyqırımı ilə bağlı möhtəşəm tədbirlər keçiriləcək və artıq bu tədbirlər başlayıb. Bu çox yaxşıdır. Amma mən arzu edərdim ki, bu tədbirlər kampaniya xarakterli olmasın. Təbii, ayın 26-da bu işə xüsusi diqqət yetirilir. Ona görə mən buradan jurnalist həmkarlarıma müraciət edirəm. Xocalı, ümumiyyətlə, azərbaycanlıların soyqırımı ilə bağlı məsələlər kampaniya xarakterli olmasın. İlboyu jurnalistlər bunu qəzet səhifələrindən əskik etməsinlər. O insanlar ki bu gün yaşayırlar, hadisənin şahididirlər, ziyan çəkiblər, onlardan müsahibələr alıb qəzetlərdə vermək lazımdır. Bunlar bu gün əgər adi bir qəzet materialıdırsa, müəyyən müddətdən sonra fakt, tarixi sənəd olacaqdır.
Yeni kitablar yazılmalıdır. Bu sahədə xeyli iş görülübdür, xüsusən xarici müəlliflərin belə kitabları xarici dillərə tərcümə olunur. Bu vacibdir. Amma ermənilərlə, düşmənlərimizlə müqayisədə görürük ki, onlar uzun illər bu sahədə işləyiblər, onlarda belə kitablar daha çoxdur. Biz öz həqiqətlərimizi sübut etmək üçün tək faktların gücündə yox, eyni zamanda, bu kitabların, görülən tədbirlərin sayında da düşmənlərimizi üstələməliyik. Əsas mübarizə İnternet səhifələrində gedir, ermənilərin çoxsaylı saytları var. Onlar yalanlar uydururlar. Bəzən hətta Xocalıdan olan şəkilləri göstərib öz adlarına çıxırlar, öldürülənləri ermənilər kimi təqdim edirlər.
Mən gənclərə müraciət edirəm. Onların böyük enerjisi var, İnternetdən istifadə edə bilirlər, sosial şəbəkələrdə işləyirlər. Qoy onların hər biri azərbaycanlı, vətənpərvər gənc kimi bu məsələyə diqqət yetirsin, mübarizəyə qoşulsun. Həm bizim həqiqətlərimizi yaysınlar, həm də erməninin yalanını ifşa etsinlər. Hər bir idarədə bu işlə məşğul olan bir işçi çalışsın. Onlara şərait yaradılsın ki, gündə bir neçə saat İnternetdə işləsinlər.
Eyni zamanda, mən sahibkarlara müraciət edirəm. Hər bir sahibkar bir ştat açıb bu mübarizəyə qoşulsa, ümumi işə böyük töhfəmiz olar. Bu gün Milli Məclisdə fotostend oldu. Çox danışan, gözəl, maraqlı bir fotostend idi, hamı tərəfindən bəyənildi. Mən arzu edərdim ki, bunun nisbətən yığcam variantı daimi fəaliyyət göstərsin. Milli Məclisə qonaqlar gəlirlər. Onlar Milli Məclislə tanış olandan sonra bu fotostendlə də tanış olsunlar. Altından müxtəlif dillərdə izah, şərh yazmaq da lazımdır. Bütün bunların hamısı bizdən ardıcıl, məqsədyönlü iş tələb edir. Bizim milli borcumuz...
Sədrlik edən. Sağ olun. Ayaz Orucov.
A. Orucov. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli media mənsubları! Mən də bugünkü müzakirələrə qoşulmaq istəyirəm. 1992-ci il 26 fevral Azərbaycan xalqının qan yaddaşına çevrildi. Minlərlə, milyonlarla azərbaycanlını göz yaşı tökməyə vadar etdi. Ermənilər bir daha özlərinin qatı düşmənçiliklərini sübut etdilər. Ermənilər sübut etdilər ki, onlar 1903–1905-ci, 1918-ci, 1988-ci illərdə azərbaycanlılara qarşı yeritdikləri düşmənçilik siyasətlərindən əl çəkməyiblər və bunu daha qəddarcasına yerinə yetiriblər. Düzdür, bu, ilk növbədə yenicə yaranmış müstəqil Azərbaycan dövlətini sarsıtmaq üçün bir zərbə idi. XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarına gətirilmiş ermənilər öz xain sifətlərini bir daha göstərdilər.
Biz millət, xalq olaraq, doğrudan da, humanist bir xalqıq. Bəlkə də 1903–1905-ci, 1918-ci, 1988-ci illərdə ermənilərin bizim xalqa qarşı törətdikləri vəhşilikləri çoxları unudub, amma Xocalı hadisəsi bizim yaddaşımıza əbədi həkk olunub. Xocalı hadisəsi göstərdi ki, erməniləri heç zaman bağışlamaq olmaz. Xocalı hadisəsi göstərdi ki, zaman-zaman qan yaddaşımızı vərəqləyərək müstəqilliyimiz, Azərbaycanın dövlətçiliyi uğrunda şəhid olmuş azərbaycanlıları və eləcə də əzəli Azərbaycan torpaqlarından qovulmuş vətəndaşlarımızı, həmin torpaqlarda həlak olmuş vətəndaşlarımızı unutmağa haqqımız yoxdur.
Bu gün Azərbaycan hökuməti, Azərbaycan Prezidenti Xocalı hadisəsini kütləviləşdirmək üçün əlindən gələni əsirgəmir. Amma bizim hər birimiz millət vəkili olaraq bu yöndə öz töhfələrimizi verməliyik. Bu hadisəni, soyqırımını seçicilərimiz arasında kütləviləşdirməliyik. Bununla da Xocalı soyqırımını bütün Azərbaycanda kütləvi bir hərəkata çevirməli və dünyaya öz haqq səsimizi çatdırmalıyıq. Milli Məclisdə çox çıxışlar, təkliflər oldu. Mən də düşünürəm ki, “Xocalının səsi” radiostansiyasını yaratmaq lazımdır. Buradan da bütün dünyaya müxtəlif dillərdə Xocalıda baş vermiş hadisələri olduğu kimi təsvir etmək və düşmənin düşmənçiliyini səhnələşdirilmiş şəkildə dünya ictimaiyyətinə çatdırmaq borcumuzdur. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Azər Badamov.
A. Badamov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 1988-ci ildən başlamış Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskəni məhz Xocalıda baş vermiş soyqırımı olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş Xirosima faciəsi ilə eyni səviyyədə durur.
Azərbaycan tarixində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri faciələr çox olmuşdur. Elələrindən biri də 1918-ci ildə ermənilər tərəfindən törədilmiş Quba qətliamıdır. Bu qətliam da sovetlər quruluşunun ölkəmizə gəlişindən sonra sovet ideologiyası ilə yaddaşlarımızdan silindi. Amma erməni milləti öz düşmənçilik fikirlərini bütün tarix boyu özündə yaşatdı. Hər doğulan uşağın qulağına məhz türkün, müsəlmanın onlara düşmən olduğunu deyərək öz nəsillərini düşmənçilik ruhunda tərbiyə etdi. Bunun da nəticəsi olaraq 1988-ci ildə məhz ermənilərin qurduqları ssenari əsasında Sumqayıt hadisələrini törətməklə Ermənistanda, öz tarixi torpaqlarında yaşayan 200 mindən çox azərbaycanlı deportasiya edilərək Ermənistan monoetnik dövlətə çevrildi. Sonra da həmin siyasəti Azərbaycan torpaqlarında davam etdirməyə başladı. Nəticədə qətliamlar törədərək torpaqlarımızın 20 faizini işğal etmiş oldu. Bu qətliamların ən dəhşətlisi də məhz Xocalıda törədildi. Bir gecə ərzində Xocalı şəhərinin sakinlərinə amansız divan tutaraq etnik təmizləmə siyasətinin qurbanına çevirdilər. Tarixi unutmaq olmaz. Xocalı soyqırımının nəinki ölkəmizdə, beynəlxalq miqyasda da tanıtdırılması üçün əlimizdən gələni etməliyik.
Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın keçirdiyi “Xocalıya ədalət!” kampaniyası xüsusi qeyd olunmalıdır. Bu kampaniya bütün ilboyu davam etdirilməlidir və hər birimiz onun iştirakçısına çevrilməliyik. Düşünürəm ki, bütün beynəlxalq tədbirlərdə, harada keçirilməsindən asılı olmayaraq, ölkəmizi təmsil edən nümayəndələr fəal iştirak etməli və əsaslı faktlarla ermənilərin cavablarını verməli və haqq səsimizi dünyaya çatdırmalıdırlar. Bu bizim işimizin xeyrinədir. Faciələrimizlə əlaqədar çap olunmuş əsərlərin, kitabların, telexronikaların əhatəsinin genişləndirilməsini, onların xarici dillərə tərcümə edilib yayılmasını məqsədəuyğun hesab edirəm. Biz öz faciələrimizi yaşamışıq, bu barədə məlumatlıyıq. Gərək dünya ictimaiyyətini də bu faciələrlə tanış edək. Mən də şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onlara Allahdan rəhmət diləyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Flora Qasımova.
F. Qasımova. Əziz həmkarlarım, son günlər Xocalı qətliamı ilə bağlı videogörüntülər, keçirilən tədbirlər xalqımızın başına gətirilən bu müsibətlərin, həqiqətən, çox dəhşətli olduğunu bir daha sübut edir. Bu, bütün əlamətlərinə görə əsl soyqırımı idi. Unutmayaq ki, Xocalıda törədilən qəddarlıq erməni xislətindən irəli gələn, iki əsr boyunca sadə erməninin beyninə yeridilən “türk bizim düşmənimizdir” ideyasının nəticəsidir. Xocalıda törədilən qətldə eyni üsul, eyni dəst-xətt görünür. XX əsrin 1915-ci ilində Türkiyədə, 1918-ci ilində Azərbaycanda – Şamaxıda, Qubada, Bakıda törədilən cinayətlər bunu bir daha sübut edir. Əlbəttə, bunların belə davam etməsinin bir səbəbi də təhrikçilərin, soyqırımını törədənlərin, bunların baiskarlarının cəzasız qalmalarıdır. İndiyə kimi bunlar heç bir cəza görmədən öz niyyətlərini davam etdirirlər.
Dağlıq Qarabağda, Azərbaycan ərazisinin ortasında bir müstəqil dövlət yaratmaq istəyirlər. Əslində, bununla onlar işğalçılıq niyyətlərini gizlədirlər. Azərbaycan torpaqlarında gözləri olduqlarına görə, Azərbaycan torpaqlarını Ermənistana birləşdirmək, yüz min erməninin müstəqil olması üçün bir milyon azərbaycanlını öz doğma torpaqlarından, isti yuvalarından didərgin saldılar. Nə qədər insanımız qətlə yetirildi. Bütün bunları biz heç vaxt unuda bilmərik. Buna haqqımız yoxdur. Biz şəhidlərimizin ruhları qarşısında borcumuzu o vaxt yerinə yetirmiş olarıq ki, bu cinayətdə baiskar olanlar, həmin cinayəti törədənlər, təhrikçiləri öz layiqli cəzalarını almış olsunlar. Bu işdə bizim hüquq mühafizə orqanlarımızın üzərinə çox böyük məsuliyyət düşür. Bizim onların ruhları qarşısında bir borcumuz da Azərbaycan torpaqlarının azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunmasıdır.
20 il ərzində aparılan danışıqların heç bir nəticəsi olmadı. Ermənistan prezidenti bütün bu danışıqlara, bəyanatlara baxmayaraq, yenə də öz çirkin niyyətindən əl çəkmək istəmir. Dağlıq Qarabağı Azərbaycan torpağı kimi yox, erməni torpağı kimi təqdim edir. “Biz öz torpağımızı azad etmişik, heç kəsin torpağını işğal etməmişik” kimi sözlərlə bir daha öz məkrli niyyətini bizə çatdırır.
Həmkarlarım Xocalı soyqırımı ilə bağlı təkliflərini verdilər. Mən də, Oqtay müəllim, onların dediklərinə qoşularaq təklif edirəm ki, iki əsr ərzində Azərbaycan xalqının başına gətirilən bütün bu müsibətlər böyük bir kinofilm kimi işıqlandırılsın. Belə bir film çəkilsin, burada XX əsrin sonuna kimi bizim başımıza gətirilən bəlalar əksini tapsın və bütün dünyada nümayiş olunsun. Soyqırımı muzeyinin yaradılması təklifi dəfələrlə Milli Məclisdə nəzərə çatdırılıbdır. Bir də, erməni məsələsi ilə bağlı bir mərkəz yaradılsın. Arxivlərimizdə hələ də tariximizin açılmamış səhifələri qalmışdır. Əlbəttə, gənclərimizi bu işə cəlb etmək lazımdır. Biz heç vaxt sayıqlığımızı itirməməliyik. Biz unutmamalıyıq ki, bizim çox qəddar, məkrli, hiyləgər qonşularımız vardır. Onlar pusquda duran yırtıcıdırlar. Gələcək nəsillərimiz başa düşməlidirlər ki, dövlətimizin güclənməsi, xalqımızın qüvvətlənməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Mən sonda Xocalıda şəhid olanların ruhu qarşısında baş əyirəm. Onlara Allahdan rəhmət diləyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Yaqub Mahmudov.
Y. Mahmudov. Hörmətli Sədr, əziz həmkarlar! Mən hər şeydən əvvəl, hörmətli Sədr, Sizə dərin minnətdarlığımı bildirirəm. Aqiyə xanım çıxışında dedi ki, ölkəmizdə 30 minə qədər erməni var və onlardan heç biri indiyə qədər bu məsələdə öz mövqeyini bildirməyib. Siz isə çox sərrast bir ifadə işlətdiniz ki, qanları qarışdırmaq asandır, amma təmizləmək mümkün deyil. Mən bunu öz üzərimdə, tariximizin üzərində hiss etmişəm. Bir daha Sizə təşəkkürümü bildirirəm. Həmin qarışıq qanlar bizə bu gün ölkənin daxilində də çox mane olur.
Milli Məclisin bugünkü iclasını mən çox təqdirəlayiq hesab edirəm. Bugünkü iclasımız Milli Məclisimizin dünyaya, Azərbaycan həqiqətini görmək istəməyənlərə, kar qüvvələrə çox böyük bir mesajıdır. Bunun özü anti-Azərbaycan qüvvələrinə bir təzyiq formasıdır və bu münasibətlə də sizlərin hər birinizə, Milli Məclisin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.
Ziyafət müəllim, Sizin məruzəniz həm hüquqi baxımdan, həm də tarixi həqiqətləri real əks etdirən bir hüquqi sənəd kimi dünyaya çox böyük mesajdır. Təşəkkürümü bildirirəm.
Bəzi məsələlərə çox qısa aydınlıq gətirmək istəyirəm. Ola bilər, bir dəqiqə artıq danışım, buna görə qabaqcadan xahiş edirəm. Çox təəssüf edirəm, bizim bütün mətbuat sistemimizdə, bugünkü çıxışlarda da Xocalı qətliamı Azərbaycan xalqına qarşı tarixin ən böyük qətliamı kimi qələmə verildi. Mənim xahişim budur ki, mətbuat sistemimizdə də, Milli Məclisdə çıxışlarımızda da bu faciə Azərbaycan xalqına qarşı sonuncu qətliam kimi qələmə verilsin. Bu qətliam bizim üçün son dərəcə ağrılıdır, ona görə ki, qloballaşma dövründə, Qərbin insan haqlarından danışdığı dövrdə, dünyaya demokratiya mesajı ilə çıxışlar, yürüşlər keçirildiyi bir məqamda baş vermiş soyqırımıdır. Hələ də dünya özünü eşitməməzliyə, görməməzliyə vurur.
Unutmayaq ki, 1918–1920-ci illərdə Anadolunun Şərqindən, Cənubi Azərbaycandan, Naxçıvandan, Zəngəzurdan, İrəvandan belə quldur Şaumyanın başçılığı ilə Azərbaycan əhalisi, milyondan çox azərbaycanlılarımız məhv ediliblər. Bakıda bir gündə 14 minə qədər şəhid cənazəsi qaldırılıb. Bu çox böyük tarixi prosesin son akkordlarından biridir. Bunu bu cür qeyd etməyi mən çox məqsədyönlü hesab edərdim. Bir də bu soyqırımının arxasında təkcə erməni məsələsi deyil. Belə qüvvələr var və mən bunu bütün məsuliyyətimlə deyirəm.
1827–1828-ci illərdə həmin ermənilər buraya köçürüləndə İrəvanda bir komitə – İrəvanın Xüsusi İdarəçilik Komitəsi yaratmışdılar. Qarabağda da gördünüz ki, Arkadi Volskinin, Polyaniçkonun başçılığı ilə eyni komitəni yaratdılar. Həmin qüvvələr bu gün də yaşayır. Ona görə də bu məsələlər o qədər də asan deyil. Bunu biz hər addımda nəzərə almalıyıq, əməli fəaliyyətə keçməliyik. Burada çox şikayətlər oldu ki, kitablar çıxmır, sənədlər yoxdur. Mən burada məlumat vermək istəyirəm.
Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyev bu işlərin başında durur. Onun göstərişi ilə müxtəlif dillərdə İrəvan xanlığının tarixi yazıldı. Onun göstərişi ilə ingilis dilinə çevrildi. Kitabla özü tanış olandan sonra rus dilinə çevrildi. Onun göstərişi ilə Xarici İşlər Nazirliyi həmin kitabları bütün dünyaya yaydı. Qarabağ haqqında kitab 6 dildə nəşr edildi. Biz çoxlu sənədlər toplayıb çap etmişik. Mən sizə məlumat verirəm, nə qədər sənəd istəyirsiniz gətirin. Moskvadan, Sankt-Peterburqdan, Türkiyədən, hər yerdən gətirmişik. Soyqırımı ilə əlaqədar 4 cildlik sənəd toplusu çap etmişik. Buyurun, gəlin. Özü də bunların hamısını müxtəlif dillərdə çap etdirmişik. Soyqırımları ilə əlaqədar bir nömrəli sənəd Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının protokollarıdır. Buyurun, sənəd buradadır.
Şaumyanla əlaqədar biz sənədlər çap etdirdik. Şaumyanın Daşnak partiyasının üzvü, Bakı komitəsinin rəhbərlərindən biri olduğunu sübuta yetirdik. Bütün bu sənədlərin hamısı ortalıqdadır. Özü də bizim arxivlərimizdən çıxarmışıq. Şaumyanın Totaves Amiryana göstərişləri var. Onların hamısının çıxışları, göstərişləri var ki, Azərbaycan xalqını məhv etmək lazımdır. Andronikə teleqramı var.
Bunlardan əlavə, Baş Prokurorluqla bizim müqaviləmiz var. Dəfələrlə mən Zakir Qaralovun yanında olmuşam. Sənədlərin hamısını biz çap edib Baş Prokurorluğa vermişik. İstintaq əməliyyat qrupu yaradılıb.
Ziyafət müəllim çox gözəl bir məruzə ilə çıxış etdi. Bu sənədlər hüquqi sənədlər müstəvisinə çıxarılmalıdır. Bu gün çatmayan nədir? Əlimizdə sənəd bolluğu var. Həmin sənədlərdən istifadə edərək soyqırımı məsələsini dünyaya çatdırmalıyıq. Təkcə təbliğatla yox, konkret əməli işlərlə sübut etməliyik ki, soyqırımı bizə qarşı olmuşdur və hər yerdə bu məsələni qaldırmalıyıq.
Qaldırılmalı məsələlərdən biri nədir? Mən xocalılara, Dağlıq Qarabağdan olan və faciələri gözləri ilə görənlərə müraciət edirəm. Xocalı soyqırımı tək deyil. Qarakənd var, digər hadısələr var. Onlar Robert Koçaryanı, Serj Sarkisyanı əlində silahla görüblər. Konkret bu adamları məhkəməyə vermək lazımdır, onlar qatildirlər, onların yeri Miloşeviçin yanındadır. Biz bu məsələləri çox fəal qaldırmalıyıq. Biz bunları qaldırmadıqca, fəal mövqeyə keçmədikcə çox təəssüf ki, dünya bizi eşitmir.
Mən demək istəyirəm ki, milyondan çox qaçqınımız var. Hələ dünyada aydınlaşdırılmayıb ki, siyasi məhbus nə deməkdir? Biz bunu axtaranları gözləməli deyilik. Kar qulaqları müalicə etməliyik, kor gözləri açmalıyıq. Bizim işlərimiz çoxdur. Ona görə də mən təklif edirəm. Bütün bu sənədləri hüquqi sənəd kimi formalaşdırıb dünya parlamentlərinə, dövlət başçılarına müraciət etməliyik və bu soyqırımının qəbul olunması üçün konkret fəaliyyətə başlamalıyıq. Mən həmin yolda parlamentin bugünkü iclasını çox böyük hadisə hesab edirəm.
Bundan qabaq da bizim çox işlərimiz olub və Prezident bu işlərə bilavasitə başçılıq edir. Prezident Şaumyanın quldur olduğunu Ağdamda da, Yevlaxda da, bu günlərdə Goranboyda da dedi. Prezident hər yerdə deyir ki, İrəvanı vaxtilə ermənilərə vermişik, səhv addım atılıb, verilib. Amma biz ərazimizdə ermənilərə ikinci dövlət yaratmağa imkan verməyəcəyik. Burada siyasi mövqe, iradə var, Prezidentin göstərişləri, görülən işlər var. Bu sənədləri hərəkətə gətirmək lazımdır. Mən hüquqşünas dostlarıma da müraciət edirəm. Tarix İnstitutunda bu işlər hamısı görülüb.
Hörmətli Sədr, Sizə bir də müraciət edirəm. Qanı qarışıqların mane olmasına baxmayaraq, biz sənədləri, kitabları da çap edirik. Əlimizdə sənədlər də var, əməli fəaliyyətə keçmək lazımdır.
Parlamentimizin iclasının bu məsələyə həsr olunmasını mən böyük hadisə hesab edirəm. Ona görə də parlamentin rəhbərliyinə bir daha minnətdarlığımı bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Mən Xocalı soyqırımı ilə əlaqədar parlamentin müzakirələrini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, bütövlükdə Xocalı soyqırımına Azərbaycan vətəndaşlarının münasibətlərinin bir daha aydın şəkildə ifadə edilməsinə, Xocalı soyqırımının Azərbaycan hüdudlarından kənara çıxarılmasına, bununla bağlı müzakirələrin aparılmasına və bunun soyqırımı kimi tanınmasına əhəmiyyətli bir dəstək vermiş olacaqdır. Mən hesab edirəm ki, burada səsləndirilən bütün fikirlər kifayət qədər dəyərlidir. Ona görə də çox vaxt almadan bir-iki təklifimi səsləndirmək istəyirəm.
Ola bilər, mənim təklifim çox radikal təklif kimi səslənsin. Güman edirəm, Xocalı soyqırımına qiymət verilməsi baxımından atılacaq çox vacib addımlardan biri ondan ibarət ola bilər ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılmış Minsk qrupu Xocalı faciəsinə qiymət versin və onu pisləsin. Əgər münaqişəni nizama salmaqdan ötrü ədalətli mövqe tutmalı olduğunu nümayiş etdirməsi üçün Minsk qrupu belə bir addımı atarsa, hesab edirəm ki, bu, Xocalı faciəsinin dəyərləndirilməsi və onun tanınması üçün çox vacib addımlardan və şərtlərdən biri olar.
İkinci, mən beynəlxalq Xocalı fondu, yaxud beynəlxalq Xocalı soyqırımı fondu yaradılmasını da təklif edərdim. Biz Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan hüdudlarında bir-birimizə çox demişik. İndi çox yaxşı ki, bunu beynəlxalq aləmə çıxarmışıq və bu istiqamətdə çox əhəmiyyətli səylər göstərilməkdədir. Bütün bu səylərin sistemli şəkildə aparılması, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və dünyada bunun soyqırımı kimi tanıdılması üçün beynəlxalq Xocalı soyqırımı fondunun yaradılması, hesab edirəm ki, çox vacib olardı. Bu fonda daxil olanlar da, güman edirəm ki, ayrı-ayrı dövlətlərin, cəmiyyətlərin, ölkələrin müvafiq qurumlarını və vətəndaş cəmiyyətlərinin nümayəndələrini təmsil edə bilərlər.
Üçüncü, bir təklifimi də qeyd etmək istəyirəm. Bu da ondan ibarətdir ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasından ötrü təkcə Azərbaycan müəlliflərinin yox, ayrı-ayrı ölkələrin tanınmış müəlliflərinin iştirakı ilə Xocalı soyqırımı haqqında kitablar yazılsın. Birinci, tarixi xarakterli araşdırmalar aparılsın. İkinci isə hesab edirəm ki, bədii əsərlər yazılsın. Məhz həmin insanların yazdıqları yazılar, tarixi və yaxud bədii kitablar cəmiyyətin üzvləri tərəfindən daha yaxşı dərk oluna və qiymətləndirilə bilər. Diqqətinizə görə təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sədaqət Vəliyeva.
S. Vəliyeva. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Biz artıq bir neçə saatdır ki, Xocalı soyqırımı hadisəsindən danışırıq. Hər kəsin qəlbi yanır, ürəyi ağrıyır və öz fikirlərini sözlərlə ifadə edir. Doğrudan da, Xocalı soyqırımı dəhşətli bir hadisə idi. Lakin bununla yanaşı, uzun illər ərzində zaman-zaman Azərbaycan xalqına qarşı dəhşətli soyqırımları törədilmişdir. Lakin Xocalı onun son damlası oldu. Ona görə bu çox ağrılı bir hadisədir. 70 il yaşadığımız sovet dövlətində sülhməramlı sovet qoşunlarının 366-cı alayı ermənilərlə birlikdə vəhşiliklər törətdi. Artıq biz ayılmalıyıq.
Əziz həmkarlarım, hörmətli millət vəkilləri, biz bunu tariximizin qan yaddaşına yazmalıyıq və gələcək nəsillərə Azərbaycan tarixini artıq təhrif olunmuş şəkildə deyil, düzgün şəkildə çatdırmalıyıq. Övladlarımız hələ körpə ikən bilməlidirlər ki, Azərbaycan xalqının başına nə müsibətlər gətirilib. Onlar bizim kimi olmasınlar. Biz məktəbdə oxuyarkən Azərbaycan tarixini balaca bir kitab şəklində görmüşdük. Bu kitabın da nə əvvəli var idi, nə də axırı. Bilinmirdi ki, nədən yazılıb, nə demək istəyirlər? Artıq bu gün biz birinci özümüzdən, içərimizdən, tariximizdən başlamalıyıq. Biz dünya ictimaiyyətinə çatdırmağa çalışacağıq ki, Xocalıya ədalət tələb edirik və tələb edəcəyik də. Lakin tarix gələcək nəsillərə düzgün şəkildə çatdırılmalıdır. Azərbaycanımız, Qarabağ uğrunda gedən mübarizədə gələcək nəsillərimiz bunların hamısını dəqiq bilməlidirlər.
2 il bundan qabaq doğulmuş körpə Xocalıdan xəbərsizdir. 1905-ci, 1917-ci illərdən xəbərsizdir. Onlar bunu orta məktəbdən artıq bilməlidirlər, oxumalıdırlar və buna hazır olmalıdırlar. Biz artıq öz diqqətimizi itirməməliyik. Biz 70 il ərzində inanmışdıq ki, sovet qoşunları sülhsevər qoşunlardır, heç bir zaman xalqa silah qaldırmaz. Lakin 20 yanvarda bunu görmüşdük. Bəs nə üçün bizim səriştəsiz rəhbərlərimiz, vəzifə kürsüsü uğrunda çalışan insanlarımız Xocalıdakı vətəndaşlarımıza kömək etmədilər, niyə bundan dərs almadılar? Biz ermənilərə nifrət edirik. Bəli, onlar qaniçən xalqdırlar. Bəs biz nə etdik o zaman? Bunların hamısı dəqiq öyrənilməli və günahkarlar cəzasına çatdırılmalıdırlar.
414 min kvadratkilometr ərazisi olan Azərbaycandan bu gün 87 min kvadratkilometrin qalmasının səbəbi milli birliyin olmaması, bizi içəridən bölüb parçalamağa imkan verməyimiz olubdur. Artıq bizim bu cür səhv etməyə ixtiyarımız yoxdur, hörmətli millət vəkilləri. Bəlkə də mən bir az həyəcanlı danışıram. Amma bu, həqiqətən də, belədir. Biz birliyimizi qoruyub saxlamalıyıq.
Ulu öndərimizin vəsiyyətlərinə əməl edərək bu gün müstəqil Azərbaycanımızı qorumaq və gələcəkdə başımıza belə müsibətlərin gəlməməsi üçün yaddaşımızı həmişə iti saxlamalıyıq. Ulu öndərimizin siyasətini bu gün davam etdirən cənab Prezidentin ətrafında sıx birləşərək çəkici bir zindana vurmalıyıq, hamımız birlikdə hərəkət etməliyik və heç bir zaman bölünmək, parçalanmaq təhlükəsini, qorxusunu bir daha yaşamamalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu gün biz Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş iclas keçiririk. İclasda bütün həmkarlarımız çıxış etdilər və çox gözəl təkliflər verdilər. Mən söz verirəm ki, bu təklifləri qruplaşdırıb üzərində işləyəcəyik. Siz bunun nəticələrini görəcəksiniz. Azərbaycan xalqı çox sülhsevər bir xalqdır. Ancaq bizim həmişə unutqanlığımız olub. Mən əminəm ki, son hadisələr, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı dəhşətləri bizim qan yaddaşımıza birdəfəlik yazılıb. Artıq Azərbaycan xalqı unutqanlığın üstündən birdəfəlik xətt çəkib. Biz bunu birdəfəlik bilməliyik. Bugünkü iclasın, müzakirələrin nəticəsi olaraq Milli Məclisdə yaratdığımız komissiya çox gözəl bir qərar layihəsi hazırlayıb. Əgər icazə versəniz, Jalə xanıma söz verək, bu qərar layihəsini oxusun.
J. Əliyeva. “Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində törədilmiş soyqırımı aktının 20 ili tamam olur. Bu kədərli günlərdə Azərbaycan xalqı qəsbkar erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini dərin hüznlə bir daha yad edir.
Xocalı şəhərində əhalinin vəhşicəsinə kütləvi qırğını Dağlıq Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilmişdir. Təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260-III saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar.
Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir. İnsanlığın ortaq vicdanında qara ləkə olan Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir.
İndiyədək Azərbaycan Respublikasının istintaq orqanları cinayətkarlardan 39 nəfərinin adlarını müəyyən edə bilmişlər. Soyqırımı cinayətinin digər iştirakçılarının müəyyən edilməsi üçün açılmış cinayət işinin təhqiqatı hazırda davam etdirilir. Xocalı faciəsi qəsbkar erməni millətçilərinin Cənubi Qafqazda və Şərqi Anadoluda azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olmuşdur. Son iki yüz ildən artıq bir dövrdə mərhələ-mərhələ həyata keçirilən bu siyasət 2 milyona qədər günahsız azərbaycanlının və türkün vəhşicəsinə qətlə yetirilməsinə, çar Rusiyasının süqutundan sonra Azərbaycanın əzəli torpaqlarında, yəni keçmiş İrəvan xanlığının (sonrakı İrəvan quberniyasının) ərazisində Ermənistan Respublikasının yaradılmasına, azərbaycanlılara məxsus olan əlavə 20,2 min kvadratkilometr ərazinin də bu süni dövlət qurumuna qatılmasına, sovet dövründə Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin təşkil edilməsinə, 1948–1953-cü və 1988–1989-cu illərdə 1,5 milyon nəfər azərbaycanlının Ermənistan Respublikasından və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən deportasiya edilməsinə və qovulmasına, Azərbaycan Respublikası ərazisinin 20 faizinin, yəni Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı daha yeddi rayonun – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının işğal olunmasına gətirib çıxarmışdır.
Təkcə son işğalçılıq müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri tərəfindən 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuşdur. 4750 adam əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini təşkil edən obyektləri xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar vandalizm aktları törədərək, 500-ə qədər tarixi və 100-dən çox arxeoloji abidəni, 22 muzeyi və 4 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmış, 44 məbədi və 9 məscidi təhqir etmişlər. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma məhv edilmişdir.
XIX əsrin sonlarından başlayaraq azərbaycanlıların və türklərin məruz qaldıqları fəlakətlərin bir çox səbəbləri vardır. İlkin səbəblərdən biri bəzi kənar qüvvələrin Cənubi Qafqaz və Şərqi Anadolu ərazisində müəyyən niyyətlərini həyata keçirmək üçün erməni millətçiliyinə rəvac verməsi və ondan bir alət kimi istifadə etməsi olmuşdur. Çirkin geosiyasi oyunlarda onlar üçün ayrılan rolu uyğun görən erməni millətçilərinin qonşu xalqların torpaqları hesabına “böyük Ermənistan” yaratmaq xülyasına düşməsi bölgədə bu gün də davam edən faciələrin əsasını qoymuşdur. Son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan və türk xalqlarına qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Erməni “alim”lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara və türklərə qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Cənubi Qafqazda və Şərqi Anadoluda baş verən hadisələr bilərəkdən təhrif edilmiş, dünya ictimaiyyətinin nəzərində “əzabkeş və məzlum” erməni xalqı obrazı yaradılmışdır.
Qonşu dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına qarşı ərazi iddialarına haqq qazandırmaq, bunun vasitəsi kimi seçdikləri qəsbkarlıq, soyqırımı və etnik təmizləmə siyasətini pərdələmək üçün erməni millətçiləri guya 1915-ci ildə ermənilərin soyqırımına məruz qaldıqları barədə uydurmalara istinad edirlər. Beləliklə, təcavüzkar və cinayətkar özünü təcavüzün və cinayətin qurbanı kimi qələmə verərək beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhdlər göstərir. Təəssüf ki, Xocalı faciəsi kimi həqiqi soyqırımına göz yuman ayrı-ayrı dövlətlərin parlamentləri bir sıra hallarda yalançı erməni təbliğatının təsiri altına düşərək, yaxud siyasi konyunkturaya əsaslanaraq “erməni soyqırımı” əfsanəsini müzakirə mövzusuna çevirmiş, hətta bu barədə əsassız və ədalətsiz aktlar qəbul etmişlər.
Erməni millətçiliyinə qarşı mütəşəkkil müqavimət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qurulmuşdur. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan vermişdir. Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların – soyqırımlarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmışdır. “Böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunu tarix boyu bu ərazilərin yerli sakinləri olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görən erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Fərmana əsasən 31 mart günü son yüz ildən artıq dövrdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq “azərbaycanlıların soyqırımı günü” elan edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət etmiş, Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirmişdir. Dövlət başçısının sərəncamı ilə bu il Xocalı soyqırımının 20-ci ildönümü qeyd edilir.
Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar xüsusi bəyanatlar və müraciətlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX–XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir.
Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral “Xocalı soyqırımı günü” elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün görülən tədbirlər öz nəticəsini verməkdədir. İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika və Pakistan parlamentlərinin müvafiq qərarlarında Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir.
Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, Xocalı faciəsi haqqında məlumatlar orta məktəb proqramlarına daxil edilmişdir. Məlum olduğu kimi, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparılır. Erməni tərəfi sülh arzusunda olduğunu göstərməyə çalışsa da, münaqişənin dinc vasitələrlə həllini çətinləşdirən bəyanatlara və hərəkətlərə yol verir, o cümlədən “erməni soyqırımı” haqqında əfsanənin daha çox ölkədə yayılmasına cəhdlər göstərir. Erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı törədilmiş faciələri, o cümlədən Xocalı soyqırımını ört-basdır etmək və unutdurmaq, qondarma “erməni soyqırımı”nı qəbul etdirmək üçün beynəlxalq miqyasda apardıqları təbliğat kampaniyasının qarşısının alınması sahəsində göstərilən səylərin artırılması indiki dövrün ən aktual vəzifələrindən biridir. Bu sahədə parlamentin hər bir üzvünün də üzərinə vəzifələr düşür.
Azərbaycan Respublikasının Milli Məclisi yuxarıda şərh edilənləri nəzərə alaraq, qərara alır:
1. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral və 2007-ci il 27 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq edilsin.
2. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına bir vəzifə olaraq tapşırılsın ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son yüz ildən artıq dövrdə azərbaycanlıların məruz qaldıqları soyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər.
3. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına tövsiyə edilsin ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin hamısının müəyyən edilməsi, onların cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri gücləndirsinlər.
4. Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-dövlət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilsin ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər”.
Sədrlik edən. Qərar layihəsindən hamı razıdır? Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri (saat 18.09 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Mən deyərəm ki, yekdilliklə qəbul edildi. Onlarca millət vəkilimiz elə Xocalı soyqırımına aid tədbirlərdə iştirak etmək üçün ezamiyyətdə, xarici ölkələrdədir, burada yoxdur.
Gələn iclasımız mart ayının 6-da olacaq. Sağ olun.

 

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi