2012-ci il 30 noyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  52

Milli  Məclisin  iclas  salonu.
30  noyabr  2012-ci  il.

İclasa  Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri  O.Əsədov  sədrlik  etmişdir.

İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.12 dəq.)
İştirak edir 102
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri:

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.

* * *

Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət So-sial Müdafiə Fondunun sədri.

* * *

Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.

* * *

Ağa-Bala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fon-dunun 2013-cü il büdcəsi haqqında Azərbaycan Respubli-kası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Samir Şərifov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.13 dəq.)
Lehinə 102
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Səlim Müslümov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.17 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasında 2013-cü il üçün yaşa-yış minimumu haqqında Azərbaycan Respublikası qanu-nunun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.18 dəq.)
Lehinə 92
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.18 dəq.)
Lehinə 96
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetası haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.19 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.20 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 3
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi


Azərbaycan  Respublikası
Milli  Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

30  noyabr  2012-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hör-mətli hökumət üzvləri! İclasımızın davamına başlayırıq. Bildiyiniz kimi, 3 gün ərzində – noyabrın 13, 14 və 15-də dövlət büdcəsinin və büdcə zərfinə daxil olan digər sənədlərin çox konstruktiv şəraitdə müzakirəsini apardıq. Həmin müzakirələrdə 75 millət vəkili çıxış etdi. İclasda səslənən təklifləri, verilən məsləhətləri araşdırmaq üçün hökumətə vaxt verildi. Bu gün biz büdcənin dəyişilmiş formasına baxacağıq. Ona görə təklif edirəm ki, maliyyə naziri hörmətli Samir Şərifova söz verək, büdcədə edilən dəyişikliklər barədə məlumat versin.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hör-mətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Hörmətli Sədrin qeyd etdiyi kimi, Milli Məclisin komitələrində və plenar iclaslarında Azərbaycan Respublikasının 2013-cü il dövlət və icmal büdcə layihələri ətraflı müzakirə edilmişdir. Fürsətdən istifadə edərək müzakirələrdə yaxından iştirak edən və dəyərli təkliflər irəli sürən hörmətli millət vəkillərinə bir daha dərin minnətdarlığımı bildirmək istərdim.
Qeyd edilməlidir ki, müzakirələrdə çıxış etmiş millət vəkilləri tərəfindən əhalinin maddi rifah halının, ölkənin müdafiə potensialının daha da gücləndirilməsi, elm, təhsil, səhiyyə, idman və aqrar sektorlarda çalışanların əmək haqlarının artırılması, qeyri-neft sektoruna, sosial ipotekaya, sahibkarlıq və siyasi partiyalara maliyyə dəstəyinin gücləndirilməsi və eyni zamanda, regionların inkişafı ilə bağlı məsələlər qaldırılmışdı. Abadlıq və quruculuq işlərinin həyata keçirilməsi və bu kimi digər vəzifələrin yerinə yetirilməsinə dair sual, təklif və tövsiyələr irəli sürülmüşdü. Müzakirələr zamanı büdcə prosesinə bilavasitə aid olmayan bir sıra məsələlər üzrə də təkliflər və suallar səslənmişdi. Bütövlükdə qaldırılan məsələ və suallara Milli Məclisin Sədri daxil olmaqla bəzi millət vəkilləri, hökumət və dövlət orqanlarının nümayəndələri tərəfindən, zənnimcə, ətraflı və geniş cavablar verilmişdi.
Müzakirələr zamanı hörmətli millət vəkillərinin irəli sürdükləri təklif və tövsiyələr hökumət tərəfindən təhlil edilmiş, onların bəzilərinin müsbət həlli üzrə əməli addımlar atılmışdır. Təhlili daha çox vaxt tələb edən digər təkliflərin öyrənilməsi və bununla bağlı hökumət tərəfindən görüləcək tədbirlər barədə isə bir qədər sonra məlumat veriləcək. Qeyd edilənlər nəzərə alınmaqla 2013-cü il dövlət büdcəsi xərclərinin artırılması üçün zəruri olan dəyişikliklərlə bağlı aşağıdakılar təklif edilir. Onu da qeyd etmək istərdim ki, işçi qaydada biz bu təklifləri həm Milli Məclisin sədarəti, həm də komitələrin rəhbərləri ilə müzakirə etmişik. Əsas məsələlər aşağıdakılardır.
Bir sıra millət vəkillərinin təkliflərinə qoşularaq səhiyyə müəssisələrinin, o cümlədən xüsusi təyinatlı səhiyyə ocaq-larının, – söhbət xüsusi ixtisaslaşmış müxtəlif xəstəxanalardan gedir, – maddi-texniki təminatının, dərman, ərzaq təchizatının yaxşılaşdırılması üçün ölkə ərazisində bu kateqoriyadan olan səhiyyə müəssisələrinin xərclərinin 3 milyon manat artırılması məqbul hesab edilir. Səhiyyə sahəsi ilə bağlı təklif bundan ibarətdir.
Bəzi hörmətli millət vəkilləri tərəfindən 2013-cü ilin dövlət büdcəsi layihəsində siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin artırılması barədə təkliflər səsləndirilmişdi. Bu təklifləri nəzərə almaqla büdcə layihəsində əlavə 500 min manat vəsaitin ayrılması nəzərdə tutulub. Beləliklə, bu vəsait 2,5 milyon manata çatdırılacaqdır.
Milli Məclisin xərclər smetasının müzakirəsi zamanı səs-lənən təkliflər nəzərə alınmaqla Milli Məclisin maddi-tex-niki təminatının möhkəmləndirilməsi, o cümlədən ezamiyyət xərclərinin, nəqliyyat vasitələrinin alınması və saxlanılması ilə bağlı xərclərin və digər xərclərin tənzimlənməsi üçün əlavə olaraq 726 min manat vəsaitin ayrılması məqbul hesab edilmişdir.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların büdcədənkənar fəaliyyətləri nəticəsində gördükləri işlərə və həyata keçirdikləri xidmətlərə, həmçinin qanunvericiliyin tətbiqi ilə bağlı müxtəlif cərimələrdən nəzərdə tutulan ayırmalara görə bu təşkilatlarda büdcədənkənar gəlirlərin artması gözlənilir. Həmin təşkilatların maddi-texniki təminatının yaxşılaşdırılması, işçilərə əlavə əmək haqlarının ödənilməsi və onların iş şəraitlərinin yaxşılaşdırılması üçün imkanlar axtarılmışdır. Bunları nəzərə alaraq büdcədənkənar xərclər 35 milyon manat artırılır və müvafiq olaraq büdcə kəsirinin maliyyələşdirilməsi üzrə mənbədə də eyni məbləğdə vəsait nəzərdə tutulur. Qeyd etdiyim məsələlərin həlli ilə bağlı tələb olunan dəyişikliklərin 2013-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində nəzərə alınmasını məqsədəuyğun hesab edirik.
Edilmiş dəyişikliklər nəticəsində dövlət büdcəsinin gəlirləri 5 milyon manat artırılaraq 19 milyard 159 milyon manata, xərcləri 40 milyon manat artırılaraq 19 milyard 850 milyon manata, kəsiri isə büdcə təşkilatlarının büdcə-dənkənar gəlirləri hesabına 35 milyon artırılaraq 691 milyon manata çatdırılacaqdır. Nəticədə icmal büdcənin gəliri 20 milyard 729 milyon manat, xərcləri isə 24 milyard 500 milyon manat olacaqdır.
Bir daha fürsətdən istifadə edərək demək istərdim ki, bü-tövlükdə 2013-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı hörmətli millət vəkilləri tərəfindən irəli sürülən və Hesablama Palatasının rəyində göstərilən təklif və tövsiyələr hökumətin diqqətində saxlanılmaqla ətraflı təhlil ediləcək, qəbul edildiyi təqdirdə bunların mərhələli qaydada növbəti ortamüddətli büdcə çərçivəsində, yəni 2014-cü il və sonrakı 3 il ərzində büdcə layihələrində nəzərə alınması üçün müvafiq tədbirlər görüləcəkdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbay-can Respublikasının Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmiş 2013-cü il dövlət büdcəsi haqqında qanun layihəsinin Milli Məclis tərəfindən qəbulu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi potensialının artırılması, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində aparılan sosial-iqtisadi kursun növbəti ildə də həyata keçirilməsinə əyani dəstək olacaqdır. Bu gün təqdim edilmiş dəyişikliklər nəzərə alınmaqla bir daha sizin hamınızı qanun layihəsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Samir müəllim. Hörmətli millət vəkilləri, Milli Məclisin iclası davam edir. Ancaq biz qey-diyyatdan keçmədik, xahiş edirəm, bir daha qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.12 dəq.)
İştirak edir  102
Yetərsay  83

Çox sağ olun.
Hörmətli millət vəkilləri, başqa təklif yoxdursa, Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.13 dəq.)
Lehinə  102
Əleyhinə  4
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir  106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqındadır. Buyur-sun Səlim Müslümov.
S.Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, mən də Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il üçün büdcə layihəsinin müzakirəsində çox səmərəli iştirak etdiklərinə görə millət vəkillərimizə dərindən təşəkkürümü bildirirəm. Müzakirələrin bitdiyi dövrdən keçən müddət ərzində burada qaldırılmış təkliflərin bəzilərinin reallaşdırıldığı barədə onlara məlumat vermək istəyirəm.
Edilmiş təkliflər içərisində sanatoriya-kurort və sağlamlıq tədbirlərinin maliyyələşdirilməsi vəsaitinin az olması, bunun artırılması barədə təkliflər var idi. Bu məsələ həm komitə sədrinin, həm də bəzi millət vəkillərimizin çıxışlarında qaldırılmışdır. Biz maliyyə naziri və müvafiq qanun layihəsinin müəllifi ilə məsələni razılaşdıraraq, pensiyaların, müavinətlərin əhaliyə çatdırılması xərcləri üzrə nəzərdə tutulmuş 20 milyon manatın 300 min manatının azaldılaraq, sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin, sığorta olunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkili maddəsinə əlavə etdik və beləliklə, həmin maddə üzrə xərclər 17,45 milyon manatdan 17,75 milyon manata qaldırıldı. Pensiya və müavinətlərin əhaliyə çatdırılması xərcləri isə 20 milyon manatdan 19,7 milyon manata endirildi.
Bankomatların qoyulması ilə bağlı qaldırılmış məsələlər barədə də məlumat vermək istərdim. Bu müddət ərzində mən hər iki bankın rəhbərliyi ilə görüşdüm və millət vəkili Arif Rəhimzadənin təklifi üzrə Xol zonasına bankomat qoyuldu. Hazırda onun işlək vəziyyətə gətirilməsi prosesi ge-dir. Eyni zamanda, Kapitalbankın rəhbərliyi yeni ilin əvvəlində Azərbaycana 30 yeni bankomatın gətiriləcəyini və bütün digər ərazilərdə quraşdırılacağını elan etdi. Azay Quliyevin qaldırdığı Şirvan şəhərinin iki qəsəbəsində əlavə bankomatın qoyulması məsələsi də öz həllini artıq tapdı. Düzdür, bu iki qəsəbədə cəmi 591 nəfər pensiyaçı yaşayır və Şirvan şəhərində 9680 nəfər pensiyaçı üçün 5 bankomat var. Amma əlavə yeni bir bankomat da iki qəsəbə arasındakı ərazidə qoyulacaqdır. Bu məsələ öz həllini tapdı.
Beynəlxalq Bankın rəhbəri qeyd etdi ki, yaxın günlərdə ölkəyə iki səyyar bankomat gətiriləcək. Eyni zamanda, daha bir stasionar bankomat Tovuz rayonunun sərhədyanı kəndlərində quraşdırılacaqdır. Beləliklə, bu problemin növbəti il ərzində öz həllini tamamilə tapacağını diqqətinizə çatdırmaq istəyirəm. Çünki bunu mənə hər iki bankın rəhbərliyi vəd etdi. Mən sizə qaldırılmış təkliflər üzrə görülən işlər barədə məlumat verdim. Millət vəkillərimizdən Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin layihəsinə səs vermələrini xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Səlim müəllim. Başqa təklif yoxdursa, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.17 dəq.)
Lehinə  96
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  1 
İştirak edir  98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Bu qanun layihəsinin müzakirəsi ilə bağlı təkliflər olmamışdı. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.18 dəq.)
Lehinə  92
Əleyhinə  3
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir  95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Dördüncü məsələ 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Bunu da eyni qaydada müzakirə etmişik, xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.18 dəq.)
Lehinə  96
Əleyhinə  3
Bitərəf  0
Səs vermədi 1 
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ isə Azərbaycan Respublikası Milli Məc-lisinin 2013-cü il xərclər smetası haqqındadır. Keçən dəfə İşlər İdarəsinin müdiri bizə bu barədə məlumat verdi. Milli Məclisin smetasına Maliyyə Nazirliyi tərəfindən tam ətraflı baxıldı, təsdiqləndi və qəbul edildi. Əgər etirazınız yoxdursa, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.19 dəq.)
Lehinə 101
Əleyhinə  1
Bitərəf 1
Səs vermədi  0 
İştirak edir  103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, sonuncu məsələ Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqındadır. Əgər etiraz yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.20 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  3
Səs vermədi  0 
İştirak edir  100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Beləliklə, hörmətli millət vəkilləri, biz 2013-cü il dövlət büdcəsinə və büdcə zərfinə daxil olan digər sənədlərə münasibət bildirdik, təsdiq etdik. 2013-cü ilin büdcəsi müstəqil Azərbaycanın tarixində ən böyük büdcədir. Mən əminəm ki, cənab Prezidentin rəhbərliyi altında gələn ilin dövlət büdcəsi də yüksək səviyyədə həyata keçiriləcəkdir. Belə getsə, büdcə ilə bağlı bəzi millət vəkillərinin təklifləri may ayında öz həllini tapacaqdır. Bir daha hökumət üzvlərini və sizi təbrik edirəm. Çox sağ olun.


 
EDİLMƏMİŞ ÇIXIŞLARIN MƏTNLƏRİ

15 noyabr 2012-ci il
———
Rüfət Quliyev. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, hörmətli hökumət üzvləri, media mənsubları, xanımlar və cənablar!
Qeyd etmək istəyirəm ki, 2013-cü il üçün büdcə qanunu-nun layihəsi dərin və obyektiv təhlilə söykənən, dövlətçiliyimizin və xalqımızın mənafeyinə cavab verən fundamental bir sənəddir. Layihə ilə tanışlıq göstərir ki, onu məruzə üçün hazırlayanlar, ilk növbədə Maliyyə Nazirliyinin əməkdaşları sənədin günün tələbinə cavab verməsi üçün əllərindən gələni əsirgəməmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin arqumentli və proqram xarakterli göstəriş və çıxışlarından irəli gələn vəzifələri tamamilə özündə ehtiva edən mükəmməl bir layihəni Milli Məclisə təqdim etmişlər.
2012-ci ilin 9 ayında respublikamız bir çox uğurlara nail olmuşdur. Ölkəmiz neft amilindən asılı olmamaq üçün böyük səylər göstərir və buna nail də olur. Cari ilin 9 ayının iqtisadi göstəriciləri bunu bir daha sübut edir. 9 ayda ümumi daxili məhsul cəmi 1,1 faiz artmış, qeyri-neft sektorunda isə bu artım 10,3 faiz təşkil edir.
Kənd təsərrüfatında 9 ayın yekunlarına görə isə bu artım 6,3 faiz olmuşdur. Qeyri-neft sektorunda artım həmin sahəyə qoyulmuş investisiyaların sahibkarlığın bütün növlərinin inkişafı hesabına olmuşdur və bu fəaliyyət yüksələn xətlə inkişaf edir.
Dünyada hələ də səngiməyən maliyyə və iqtisadi böhran şəraitində ölkəmizin maliyyə vəziyyəti də durmadan yaxşılaşır, baxmayaraq ki, çox iri maliyyə tutumlu möhtəşəm layihələr həyata keçirilir, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına böyük məbləğlər xərclənir, cari ilin 9 ayında valyuta ehtiyatlarımız 45 milyard dollara çatmışdır.
Bir iqtisadçı alim kimi mənim üçün çox fərəhlidir ki, biz indi qonşu dövlətlərə – Türkiyəyə, Gürcüstana, Ukraynaya, Moldovaya və bir sıra Qərbi Avropa ölkələrinə də investi-siyalar yatırırıq. Azərbaycan iqtisadiyyatı bütün Cənubi Qafqazın iqtisadiyyatının 80 faizindən çoxunu təşkil edir və bu proses getdikcə geniş vüsət alır. Azərbaycan son ilərdə olduğu kimi, bu gün də nəhəng inşaat meydançasını xatırladır və yeni-yeni infrastrukturların yaradılmasında dünyada lider ölkələrdəndir.
Aparılan iqtisadi islahatlar, həyata keçirilən çoxşaxəli quruculuq işləri əhalinin maddi vəziyyətinin yaxşılaşması üçün möhkəm zəmin yaratmışdır. Hazırda ölkədə adamba-şına düşən ümumi daxili məhsul 5526,6 dollardır ki, bu da MDB-də yüksək göstəricilərdən biridir.
Sözsüz ki, hər sahədə bu pozitiv dəyişikliklər mənbəyi ulu öndərimiz Heydər Əliyevin dühasından qaynaqlanan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin titanik fəa-liyyəti nəticəsində uğurla reallaşan məqsədyönlü siyasət xəttinin nəticəsidir və bu xətt 2013-cü ildə də uğurla davam etdiriləcəkdir.
2013-cü ilin baş maliyyə sənədi ölkənin ümumi iqtisadi və sosial inkişafını əks etdirən mükəmməl layihə olmaqla yanaşı, qarşıdakı illərin inkişaf dinamikasına zəmin yaradan sosial-iqtisadi strateji konsepsiyadır.
Gələn ilin büdcə zərfində Azərbaycan dövlətinin inkişaf strategiyasına və prioritet istiqamətlərə müvafiq büdcənin sosial və investisiyayönümlü olması, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, ölkəmizin müdafiə potensialının, iqtisadi qüdrətinin artırılması, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, sahibkarlığın inkişafına dəstək verilməsi, məqsədli dövlət proqramlarının maliyyələşdirilməsi və digər mühüm cəhətlər xüsusi olaraq nəzərə alınıb.
2013-cü ilin büdcə qanununun layihəsində sosial məqsədlərə 5 milyard 37 milyon manat və ya ümumi büdcənin 25,4 faizi ayrılıb və bu o deməkdir ki, büdcənin hər 4 manatından biri həmin sahələrə yönəldilib.
Büdcə rəqəmlərindən çox danışıb vaxtınızı almaq fikrində deyiləm. Qeyd etmək istəyirəm ki, 2013-cü ilin büdcə layihəsi dövlətin mənafeyinə uyğun və xalqın rifah halının yüksəlməsinə dolğun cavab verən baş maliyyə sənədidir.
Mənə verilmiş imkandan istifadə edib bəzi mülahizələri-mi də bildirmək istərdim. Bütün ölkədə gedən coşqun inki-şaf deputatı olduğum Lənkəran rayonundan da yan keçmə-yib. Rayonun iqtisadiyyatı dinamik inkişaf edir, mədəni-quruculuq, abadlıq işləri yüksək templə aparılır, əhalinin sosial problemlərinin həlli istiqamətində rayon rəhbərləri tərəfindən məqsədyönlü fəaliyyət həyata keçirilir.
Bir neçə söz də Lənkəran rayonunun qaz təminatı barədə demək istərdim. Sovetlərin süqutundan sonra Lənkəran şəhərinin mərkəzi hissəsi və bir çox kəndləri qaz sarıdan bö-yük əziyyət çəkirdi. Son vaxtlar bu məsələnin həlli istiqamətində böyük işlər görülür. Ancaq seçicilərimin tapşırığını yerinə yetirərək, çox xahiş edərdim ki, qaz çəkilişi işləri daha da sürətləndirilsin və bu qış lənkəranlıların qaz nisgili aradan qalxsın.
Son illərdə Azərbaycanda təhsilin səviyyəsinin yüksəl-dilməsi, yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində çox işlər görülmüş, məqsədli dövlət proqramları həyata keçirilməkdədir.
Elmin səviyyəsinin daha da yüksəlməsi, gənclərin elmə üz tutması, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bir vəzifə kimi qarşıya qoyduğu “Neft kapitalını insan ka-pitalına çevirmək” tapşırığını uğurla icra etmək üçün büdcə layihəsində zəruri vəsait nəzərdə tutulub.
Təhsildən danışarkən bir məsələyə də toxunmaq istərdim, bu da çox ehtiyac duyulan ixtisaslı fəhlə kadrlarının hazırlanması ilə bağlıdır. Hazırda texniki-peşə məktəbləri liseylərlə əvəz olunmuşdur. Bir sıra nazirliklərin nəzdində də liseylər fəaliyyət göstərir. Yaxşı olardı ki, onların işinin səmərəsinin yüksəldilməsi üçün bir mərkəzdən idarə edilsinlər və istehsalla sıx əlaqədə olsunlar.
Yenə də qeyd etmək istərdim ki, hazırda müəssisələrdə əmək haqqı fondundan 22 faiz Dövlət Sosial Müdafiə Fon-duna ayrılır ki, bu da olduqca çoxdur. Hesab edirəm ki, bu sahədə dünya ölkələrinin təcrübəsindən geniş istifadə etməklə həmin rəqəmə yenidən baxılsın. Bu, müəssisələrə nisbətən sərbəstlik verər və onların fəaliyyətini stimullaşdırar.
Ölkənin iqtisadi inkişafında xüsusi çəkiyə malik olan sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi bu gün xüsusi önəm kəsb edir.
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Beyləqanda Aran və Yuxarı Qarabağda fəaliyyət göstərən sahibkarlarla görüşmüşdür. Prezident “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramının ölkəmizi hərtərəfli inkişaf etdirən əsas alət olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, son illərdə sahibkarlara 900 milyon vəsait ayrılmışdır. Cari ildə 200 milyon manat ayrılmış, gələn il isə 300 milyon manat ayrılacaqdır. Sahibkarlığın inkişafı əlavə iş yerlərinin açılmasına böyük stimul verir.
Məlum həqiqətdir ki, qeyri-neft sektorunun inkişafının başlıca təminatçısı sahibkarlıqdır. Neft-qaz hasilatı azalan bir prosesdir. Neft hasilatında müşahidə olunan geriləmə tələb edir ki, qeyri-neft sektorunun inkişafı daha da sürətləndirilsin. Buna görə də diversifikasiya prosesi indiki şəraitdə həlledici amildir. Cənab Prezident də qeyd etmişdir ki, son 8 ildə qeyri-neft sektoru 2,2 dəfə, bu ilin 9 ayında isə 10,3 faiz artmışdır. Bu artım davamlı olmalı və yüksələn xətt üzrə inkişaf etməlidir. Bunun da lokomotivi bütün sahələri və formaları əhatə edən sahibkarlar zümrəsidir. Buna görə də orta və kiçik biznesin dinamik inkişafına xüsusi diqqət yetirilməlidir.
Ümumiyyətlə, 2013-cü il üçün büdcə qanununun layihə-sini bütövlüklə bəyənirəm, onun qəbuluna səs verəcəyəm və deputat həmkarlarımı da buna dəvət edirəm.
Ceyhun Osmanlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və hökumət üzvləri!
İlk olaraq onu qeyd edim, sevindirici məqamdır ki, büdcə artır, sosial xərclər və büdcədən olan investisiyaların həcmi azalmır. Büdcənin strukturu, oradakı faizlərin nisbəti, antiinflyasiya meyarları çox peşəkar şəkildə hazırlanır.
Hər il olduğu kimi, builki büdcə müzakirələri də çox maraqlı təkliflərlə yadda qaldı. İcazənizlə, mən də səslən-məyən bir neçə təklifi dilə gətirərdim. İlk təklifim nəqliyyat seqmenti ilə bağlıdır. Bildiyimiz kimi, həm Bakıda, həm Sumqayıtda iş yerlərinin çoxalması, həm də Bakı ilə Sum-qayıt arasında Xırdalan şəhərinin yerləşməsi həmin istiqa-mətdə avtomagistralda hərəkətin həddindən artıq sıx olma-sına gətirib çıxarıb. Artıq həmin yolda tıxaclar gündəlik hala çevrilib. Eyni zamanda, bu yoldan ali məktəblərə gedib-gələn tələbələr də istifadə edirlər və onları da nəzərə almaq lazımdır. Bunu nəzərə alaraq Bakı ilə Sumqayıt arasında sürətli metro və ya sürətli qatar xəttinin salınmasının vaxtı çatıbdır. Düşünürəm ki, bu, insanların iş gününün səmərəliliyini daha da artıracaq və tıxaclara həsr olunan vaxt daha faydalı işlərə həsr olunacaq.
İkinci təklifim də, əslində, nəqliyyat infrastrukturu ilə bağlıdır. Bilirsiniz ki, ölkəyə gələn turistlərin, eyni zamanda, ölkədən turist kimi xarici ölkələrə səfər edən insanların sayı günü-gündən artır. Bu səbəbdən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə şəhər mərkəzi arasında fəaliyyət göstərəcək metro, tramvay və ya qatar xətti, ümumiyyətlə, ictimai nəqliyyatın inkişafına ehtiyac var. Yalnız taksi və şəxsi avtomobillərlə hava limanına gedib-gəlmək turistlər üçün müəyyən problem yaradır. Azərbaycana gələn xarici turistlərin bizə ünvanladıqları ilk sual da məhz bununla bağlı olur. Onlar soruşurlar ki, nəyə görə aeroporta metro və ya qatar xidməti fəaliyyət göstərmir.
Bundan başqa, mən təhsilin inkişafı üçün Azərbaycanda Təhsil Fondunun yaradılmasının zəruriliyindən də danışmaq istərdim. Təhsil fondu ən azından 3 istiqamətdə fəaliyyət göstərə bilər.
Birinci, o gənclər ki dövlət hesabına təhsil almırlar, onlar fonddan güzəştli kredit ala bilərlər. Düşünürəm ki, bununla həmin gənclər həm Azərbaycanda, həm də xarici özəl universitetlərdə təhsil ala bilərlər. İkinci, özəl ali məktəblər var ki, onlar öz fəaliyyətlərini genişləndirmək, yataqxanalar, kitabxanalar və sair tikmək istəyirlər. Həmin universitetlər də təhsil fondundan yararlanmalıdır. Üçüncü isə peşə məktəbləri ilə bağlı məsələdir. Çox təəssüf ki, bu gün Azərbaycanda peşə məktəblərinin yetişdirdiyi kadrlar və orada təklif olunan peşələr əmək bazarı ilə uyğunlaşmır. Yaponiyada bu gün dövlətin peşə məktəbləri, demək olar ki, yoxdur. Orada böyük özəl şirkətlər və sənaye müəssisələri özlərinin peşə məktəblərini yaradırlar. Bu çox düzgün seçimdir. Azərbaycanda da hansısa sənaye müəssisəsi təhsil fondundan kredit götürə və özünün peşə məktəbini yarada bilər. Belə olan təqdirdə ixtisaslaşmış kadrların da sayı artar və onlar dərhal işlə təmin olunarlar.
Bu gün millət vəkili seçildiyim bölgənin də problem-lərindən danışmaq istərdim. Sabirabad üçün xarakterik olan birinci problem qazlaşma problemidir. Orada əhalinin təxminən 30 faizə yaxını bu gün mavi yanacaqla təmin olunub, 70 faizi isə yox. Düzdür, bu gün həm Sabirabad rayonunda, həm də Sabirabadın 15-ə yaxın kəndində qaz infrastrukturunun yaradılması davam edir. Lakin mövcud imkanlar və göstəricilər fonunda daha da sürətlənməsinə ehtiyac var. Sabirabadın elektrik infrastrukturunun modernləşməsi də aktual məsələlərdəndir. Onu deyim ki, bu gün Sabirabadda əhalinin 100 faizi elektriklə təmin olunub. Amma çox təəssüf ki, suvarma mövsümü gələndə bəzi hallarda hansısa bir elektrik stansiyası sıradan çıxır və bu, mexaniki suvarmaya möhtac olan bölgələrdə böyük problemlərə yol açır. Bu səbəbdən həmin ərazilərdə elektrik infrastrukturunun müasirləşdirilməsinə ehtiyac duyulur.
Bundan başqa, bilirik ki, Sabirabadda sel vaxtı kəndlərarası yollar da sıradan çıxmışdı. Onların bir hissəsi çəkilib, amma hələ də 46 kilometr uzunluğunda 22053 nəfər əhalisi olan 12 kəndi birləşdirən Nizami–Əliləmbəyli–Azadkənd–Sarxanbəyli kəndarası avtomobil yolunun əsaslı təmirinə, Sabirabad şəhərinin mərkəzində yerləşən, qəzalı vəziyyətdə olan 25 yerlik Regional Vərəm Dispanseri üçün (şəhərdən kənarda) yeni binanın tikilməsinə ehtiyac vardır. Bu yolların 30 kilometri məhz daşqınlar vaxtı su altında qalmışdı.
Daha bir önəmli təklif isə tibbi sığorta ilə bağlıdır. Hesab edirəm ki, bu, Azərbaycanda ən aktual məsələlərdəndir. Bu gün ölkəmizdə tibbi sığortanın fəaliyyəti üçün bir neçə amil lazımdır. 1. gərək modern tibb infrastrukturu və peşəkar kadrlar olsun. 2. özəl tibbi sığorta şirkətləri inkişaf etsin. 3. dövlət bu sahədə təşəbbüskarlığı ələ alsın. Çox sevindiricidir ki, bu 3 amilin hər biri inkişaf edir. Məsələn, qeyd edim ki, Cənubi Qafqazda qaraciyər və böyrək transplantasiyası məktəbi yalnız Azərbaycanda formalaşıb. Hətta qaraciyər köçürmələri Cənubi Qafqazda yalnız Azərbaycanda baş tutub. Heydər Əliyev Fondunun maliyyə dəstəyi və şəxsi təşəbbüslər hesabına bu sahədə xəstələrə çox böyük dəstək göstərilir. Eyni zamanda, tibbi sığorta və sistematik mexanizm olmalıdır ki, xəstəyə orqan köçürmə lazım olanda tanışlarının, qohumlarının yanına yox, birbaşa tibbi sığortanın arxasınca getsin. Bununla bağlı onu da deyə bilərəm ki, Azərbaycanda beyin ölümü ilə bağlı da qanun yoxdur. Bilirsiniz ki, xarici ölkələrdə beyin ölümü baş verdikdə həmin şəxsin böyrəyinin, qara ciyərinin, başqa bir orqanının ehtiyacı olan insanlara köçürülməsi qanunvericiliklə mümkündür. Bizdə də belə bir qanuna və bu qanunları dəstəkləyəcək mexanizmlərə ehtiyac var.
Bu il kənd təsərrüfatı sahəsi də ən çox toxunulan və qayğının artırılması tələb olunan sahələrdən biri kimi qeyd edildi. Bununla bağlı təklifim ondan ibarətdir ki, kənd təsərrüfatı ilə bağlı ixtisaslaşmış fonda ehtiyac var. Bu gün İqtisadi İnkişaf Nazirliyi nəzdində Sahibkarlığa Yardım Milli Fondu fəaliyyət göstərir və bu fondun Azərbaycanda milli istehsalın artmasında xidmətləri var. Lakin kəndlilərlə söhbətdə məlum olur ki, bəzən bu fondla kəndli arasında müvəkkil banklar da çıxış etdiyi üçün ünsiyyət problemi yaranır, kreditlərin verilməsi zamanı bəzən banklar bürokratik əngəllər yaradır, dolayısı ilə kəndli fondla bank arasında suallara cavab axtarır. Gənclər Fondu, KİV-ə Dəstək Fondu, Elm Fondu, İnformasiya Texnologiyaları Fondu və sair ixtisaslaşmış fondlar var. Eləcə də Kənd Təsərrüfatına yardım fonduna ehtiyac var. Gərək kəndlinin, fermerin birbaşa üz tutub, kredit və ya yardım alacağı bir təsisat formalaşdırılsın.
Millət vəkillərinin əksəriyyəti ipoteka kreditləri məsələsinə toxundu. Mən ipoteka kreditlərinin həcminin artırılması ilə yanaşı, eyni zamanda, şərtlərinin sadələşdirilməsinə tərəfdaram. Bunun üçün də hökumətdən xahiş edirik ki, ipoteka kreditləri ilə bağlı Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmovun hökumətə etdiyi müraciətin cavabı müsbət olaraq dəyərləndirilsin və kreditlərin həcminin artması ilə yanaşı, mənzil üçün maksimal qiymət mənzil bazarı ilə uyğunlaşdırılsın, şərtləri sadələşdirilsin və insanlar üçün əlçatan olsun. Çox istərdik ki, maaşı az olan insanlar da ev ala bilsinlər. İnsanlar 20 il kirayədə yaşamaqdansa, o pulu öz evlərinin ipoteka borcu olaraq ödəsinlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də tövsiyələri məhz insan inkişafını və insanın sosial rifahını hədəfə alan bir siyasətin həyata keçirilməsindən ibarətdir.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi