2013-ci il 30 aprel tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ

PROTOKOLU № 63

Milli Məclisin iclas salonu.
30 aprel 2013-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 97
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət  Gömrük Komitəsinin sədri.
Mirqasım Vahabov, Azərbaycan Respublikası Dövlət  Gömrük Komitəsinin baş idarə rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə.
2. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)” Azərbaycan Respubli-kasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikasının Seçki Məcəlləsində də-yişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qa-nununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qa-nununun layihəsi barədə.
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layi-həsi haqqında.
11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi  haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. Gömrük tarifi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.


Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Vahid Əhmədov, Fərəc Quliyev, Əli Məsimli, Valeh Ələsgərov, Fazil Mustafa, Zahid Oruc, Hadi Rəcəbli, Bahar Muradova, Qənirə Paşayeva, Musa Qasımlı, Əli Hüseynli

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 3
İştirak edir 93
Nəticə: Qəbul edildi

1. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)” Azərbaycan Respubli-kasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, İqbal Ağazadə, Siyavuş Novruzov, Bəxtiyar Əliyev, Zahid Oruc, Əli Əhmədov, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 90
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.40 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi


6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

7. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Rəbiyyət Aslanova, Aqil Abbas, Oqtay Əsədov, Şəmsəddin Hacıyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

8. “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

9. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Nizami Cəfərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

10. “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Şəmsəddin Hacıyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi  haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Kamilə Əliyeva, Sədaqət Vəliyeva, Qənirə Paşayeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

12. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

13. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

15. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

16. “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı” Anlaşma Me-morandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

17. Gömrük tarifi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Vahid Əhmədov, Rüfət Quliyev, Valeh Ələsgərov

Təklif: Qanun layihəsi birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.32 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

 

MİLLİ MƏCLİSİN İCLASI

30  aprel  2013-cü il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 12.02 dəq.)
İştirak edir  97
Yetərsay  83

Yetərsay var, iclasa başlaya bilərik. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.03 dəq.)
 Lehinə  89
 Əleyhinə  0
 Bitərəf  1
 Səs vermədi  3
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, çox sağ olun.
Hörmətli millət vəkilləri, Milli Məclisin deputatı, hör-mətli Mehriban xanım Əliyeva yeni amnistiya aktının qəbul olunması ilə bağlı parlamentə müraciət edib. Layihəyə komitədə baxılıb. Deyirəm ki, bu qərar layihəsini ayın 7-də ulu öndərin 90 illiyinə həsr olunmuş iclasda müzakirə etmək daha düzgün olardı. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sağ olun. Gündəliyin müzakirəsində iştirak eləmək istəyən varsa, xahiş edirəm, yazılsın. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! 2008-ci ildə qlobal maliyyə böhranı bütün dünya dövlətlərinə müəyyən qədər təsir etdi. Azərbaycan dövlətinin, xüsusilə Azərbaycan Mərkəzi Bankının uğurlu siyasəti nəticəsində ölkəmiz bu böhrandan müəyyən qədər uğurla çıxdı. Amma son zamanlar kreditlərin faizlərinin həddindən artıq yüksək olması ilə əlaqədar əhali ilə bank arasında çox ciddi problemlər yaşanmaqdadır. Bu gün əhalinin, demək olar ki, 10 nəfərindən 9-u bank sisteminə borclu olaraq qalır və müəyyən əmlakları, maşınları, evləri əllərindən alınır. Bank sistemi yüksək faiz tətbiq etməklə, deyərdim ki, əhalini günü-gündən daha çox pis vəziyyətə salır. Azərbaycanın bank sistemində faktiki olaraq 22 faizdən aşağı faiz yoxdur. 22 faizlə 36 faiz arasında olan bank sistemi Azərbaycan əhalisini çox çətin vəziyyətə salır.
Biz bir neçə dəfə bu məsələni həm Milli Məclisin komitələrinin iclaslarında, həm də plenar iclasda qaldırmışıq. Xahiş etmişik ki, Azərbaycan Milli Məclisi rəhbərliyi səviyyəsində bank sistemi ilə müəyyən görüşlər keçirək və bunu yoluna qoyaq. Yadınıza gəlirsə, Azərbay-canın dövlət başçısı cənab İlham Əliyev göstəriş verdi ki, bu böhrandan müəyyən qədər çıxmaq üçün ehtiyatdan 2–3 milyard vəsait gətirib bank sisteminə kömək etmək lazımdır. Mən Milli Məclisin rəhbərliyindən artıq dərəcədə xahiş edirəm ki, bu məsələyə Milli Məclis səviyyəsində baxılsın. Bu məsələ ilə əlaqədar olaraq bizim müəyyən təkliflərimiz var. Oqtay müəllim, xahiş edirəm, Siz bu məsələyə öz mövqeyinizi bildirəsiniz. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, mən, adətən, müzakirələrdə çox az iştirak eləyirəm. Ancaq bu gün sizin fikrinizi bir məsələyə yönəltmək istəyirəm. Yəqin, mətbuatdan məlumatınız var, Avropa Parlamentinin bir qrup deputatı, o cümlədən Fransa və Kiprdən olan deputatlar Azərbaycanın işğal altında olan torpaqlarına qeyri-qanuni səfər etmişlər. BMT Təhlükəsizlik Şurasının 4, Avropa İttifaqının və Avropa Parlamentinin hərəsinin 2 qətnaməsi olmasına baxmayaraq, artıq bu cür səfərlər mütəmadi hal alıb. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və erməni işğalçılarının Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etmələri məsələsi qoyulur. Ancaq təəssüflər olsun, özlərini Avropa Parlamentinin deputatları adlandıran bəzi deputatlar beynəlxalq hüquq normalarını pozurlar.
Mən bu deputatların heç adlarını çəkmək istəmirəm. Ancaq bir şeyi söyləmək istəyirəm ki, bizim Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Dağlıq Qarabağa, Azərbaycan torpaqlarına qeyri-qanuni gələnlər “persona non qrata” elan olunublar. Mən əvvəl tərəddüd edirdim, amma indi bu məsələni çox yüksək səviyyədə dəstəkləyirəm.
Sizə iki misal çəkəcəyəm. Adını çəkmək istəmirəm, Kiprdən olan  deputatın iki cümləsini deyəcəyəm: “Biz sizin sadiq xidmətçilərinizik və sizin göstərişlərinizi gözləyirik”. Avropa Parlamentinin deputatının Dağlıq Qarabağda yaranmış separatçı rejimin “parlamenti” qarşısında belə çıxış eləməsi özünə və ümumiyyətlə, Avropa Parlamentinə hörmətsizlikdir. Sonra  deyir: “Hansı prinsiplərin üstün olmasından asılı olmayaraq, biz əminik ki, öz müqəddəratını təyin etmək hüququ hər şeydən  vacib olacaq”. Yəni bu insanlar ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığı prinsipini kənara qoyurlar. Bunların sözlərindən belə çıxır  ki, dünyada xaos yaranmalıdır. Bu həmin deputatdır ki, 25 il qabaq Dağlıq Qarabağda həkimlik eləyib. Deyir ki, erməni yaralılarına qulluq eləmişəm. Ancaq o deputat heç fikirləşmir ki, o dövrdə 22 min itki vermiş, 10 minlərcə yaralısı olan azərbaycanlılara kim xidmət eləməlidir? Sən, axı, Avropa Parlamentinin deputatısan. Mən görürəm ki, bunun kökündə Avropada yaranmış islamofobiya durur.
İkinci bir məsələ. Canfəşanlıq eləyən Fransa parlamen-tinin nümayəndəsi Buaye qanunsuz olaraq Dağlıq Qarabağla dostluq qrupu yaradıb və Ermənistana da getmədən birbaşa Dağlıq Qarabağa səfər edib. Səfəri zamanı söylədiyi fikirləri diqqətinizə çatdırıram: “Bu qrupu yaratmaqla biz qarşımıza Qarabağın tanıdılması və bu ölkədə yaşayan xalq üçün müstəqil yaşamaq şərtlərinin təmin edilməsi məqsədini qoymuşuq”. Bu sözlər separatçı rejimi dəstəkləmək deməkdir. Mən hesab edirəm ki, Milli Məclis, eləcə də Azərbaycan xalqının vətənpərvər nümayəndələri buna öz münasibətlərini bildirməlidirlər. Mən çox təəssüf edirəm.
Mən bir misal da çəkəcəyəm. 4–5 il bundan öncə Kaliforniya ştatının 6 deputatı Azərbaycana səfər etmişdi. Bir həftə Azərbaycanda qaldılar, qaçqınlarla görüşdülər, Azərbaycanın problemləri ilə tanış oldular. Bunlar söylədilər ki, biz Azərbaycanın ruporu olacağıq. Çox gözəl. Getdilər Kaliforniyaya və xanım komitə sədri orada çox güclü çıxış elədi. 15 gündən sonra isə mənə bir məktub yazdı: “Mən Sizdən üzr istəyirəm, Azərbaycanı təmsil edə bilməyəcəyəm, çünki öz otağımda otura bilmirəm, bütün saytlarım, kompyuterim bağlıdır”. Ona güclü hücumlar edirlər. Yaxşı, biz nə edirik? Mən bu zaldan bütün mütərəqqi gənclərimizə müraciət edirəm ki, bu məsələyə, həmin deputatlara öz etirazlarını bildirsinlər. Avropa Parlamentinə müraciət etsinlər, məktublar yazsınlar.
Məsələnin ikinci tərəfinə keçək. Mən indi buradan sual edirəm. Əgər səhv eləsəm, o təşkilatlardan üzr istəyərəm. Hansı müxalifətyönlü saytlar, insanlar milli məsələmiz – Dağlıq Qarabağ haqqında müəyyən bir təşəbbüslə çıxış edi-blər? Bu məsələlərə aid hansı yazıları oxumusunuz? Yalnız daxili məsələlərə dair, dövlətə qarşı yönəlmiş fikirlər mövcuddur. Pis çıxmasın, mən bir daha deyirəm, er-mənilərin bir işinə həsəd aparıram ki, onlar milli məsələlərdə birləşirlər, bir nöqtəyə vururlar.
Mən hesab edirəm ki, artıq vaxt gəlib çatıb. Biz bu mə-sələləri görürük, bunlar gündən-günə genişlənməyə baş-layır. Erməni təbliğatı Dağlıq Qarabağı tanıtmaq üçün çox mühüm addımlar atır. Biz nə qədər dözəcəyik? Mən öz adımdan Avropa Parlamentinin Sədri cənab Şultsa bir məktub hazırlayıram. Bizim böyük narahatlığımızı, etirazımızı bildirirəm. Hesab edirəm ki, bu məsələdə təkcə millət vəkilləri deyil, bütün Azərbaycan vətəndaşları fəal olmalıdırlar.
Hara gedirik, haqqımızda cəfəngiyat yayırlar. Son vaxtlar bir fikir yaymışdılar, özü də bunu ən çox şişirdən bizimkilərdir: “kürü diplomatiyası”. Yaxşı, niyə erməni konyakından içib beyni dumanlanan siyasətçidən yazmırlar? Özümüzü qorumasaq, hücuma keçməsək, öz həqiqətlərimizi bildirməsək, belə vəziyyətlərlə çox rastlaşacağıq. Ona görə mən sizin hamınızdan xahiş edirəm ki, bu məsələdə fəal olasınız. Mən bildirirəm ki, öz adımdan Avropa Parlamentinin Sədrinə müraciət edəcəyəm və bütün narazılığımızı ona çatdıracağam. Buyursun Fərəc Quliyev.
F.Quliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əvvəla, cənab Sədr, mən bu mövqeyə görə Sizə təşəkkür edirəm və dəstəkləyirəm. Sualınıza uyğun olaraq cavab vermək istəyirəm ki, bizim partiya və mən mütəmadi olaraq milli maraqlarımız naminə çalışmışıq, mövqe bildirmişik. Davam.az saytında bunu mütəmadi görmək mümkündür. Mən, üstəlik, təklif edirəm ki, Sizin fikirlərinizi davam etdirərək o dövlətlərlə münasibətlərə yenidən baxmaq haqqında məsələ qaldırmalıyıq. Özlərinin enerji təhlükəsizliyi ilə bağlı resurslarımızdan  istifadə edib maraqlarımızı tapdalayırlarsa, ərazi bütövlüyümüzə xələl  gətirirlərsə, təbii ki, o dövlətlərlə münasibətlərə yenidən baxmaq lazımdır. Ən böyük layihələri də yenidən nəzərdən keçirməliyik. Biz geri çəkildikcə üzərimizə irəliləyirlər.
Yeri gəlmişkən, bildirmək istəyirəm ki, Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasına daxil olan federal Ləzgi Milli Muxtariyyətinin nümayəndələri də Avropa turnesində Azərbaycanın əleyhinə müəyyən tədbirlər görürlər, təbliğat aparırlar. Putinin nümayəndəsi, Dağıstanın prezidenti səlahiyyətlərini icra edən Abdullatipovun Azərbaycana qarşı bölücü çağırışları çox anormaldır. Məncə, biz Xarici İşlər Nazirliyi səviyyəsində nota ilə bu məsələlərə münasibət bildirməliyik, çünki bundan əvvəlki məsələlərdə sakit qaldıq. Rusiyanın Azərbaycandakı səfiri Şimal böl-gələrimizə səfərə çıxdı, təbliğat işləri ilə məşğul oldu, bölücü qüvvələrlə əməkdaşlığa başladı və sonucda bu oldu. Mən düşünürəm ki, həm bu, həm də Siz dediyiniz o məsələlərə hökumət, Xarici İşlər Nazirliyi səviyyəsində çox kəskin şəkildə münasibət bildirilməlidir.
O da başqa məsələ ki, deputatlar, bütün partiyalar, qeyri-hökumət təşkilatları, hər bir vətəndaş bu məsələlərdə öz kəskin mövqelərini ortaya qoymalıdırlar. Biz əgər yumşaq mövqedən çıxış eləsək, hesab edirəm ki, artıq RATİ tipli təşkilatları yaratmaqla, ölkənin iç işlərinə qarışmaqla, gənclərimizi ölkədən kənara çağırıb təlimatlandırmaqla daha pozucu məsələləri ortaya çıxara bilərlər. Biz bu məsələlərə mütəmadi olaraq münasibət bildirməliyik və bunlar bəyanat səviyyəsində olmalı deyil. Məncə, adlarını çəkdiyiniz bu dövlətlərlə münasibətlərə, böyük layihələrə yenidən baxmağın vaxtıdır. Mən Sizin təklifinizi dəstəkləyirəm və hesab edirəm ki, bu çox vaxtında qaldırılmış məsələdir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fərəc müəllim, dövlət-lərarası münasibətlərdən söhbət getmir. Onların çıxışından sonra Avropa Parlamentinin mətbuat xidməti məsələyə ay-dınlıq gətirdi ki, bu, Avropa Parlamentinin mövqeyi deyil, bəzi parlament üzvlərinin apardığı siyasətdir. Yəni biz buna qarşı çıxmalıyıq. Biz bütün Avropa vətəndaşlarına qarşı yox, bu qruplara, erməni diasporunun ələ aldığı deputatlara qarşı çıxış eləməliyik. Bu, millətlərarası münasibət demək deyil. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Mən də hörmətli Sədrin qaldırdığı məsələni dəstəkləyirəm. Azərbaycan Avropanın bir nömrəli məsələsi olan enerji təhlükəsizliyində necə sadiqcəsinə öz fəaliyyətini nümayiş etdirirsə, Avropa da Azərbaycanın bir nömrəli məsələsi olan ərazi bütövlüyünün təmin edilməsi istiqamətində, heç nə demirəm, sadəcə, qəbul etdiyi qərarlara hörmət etməlidir. Ona görə də mən hörmətli Sədrimizin qaldırdığı məsələnin yalnız müraciət çərçivəsində qalmamasını, partiyaların, ictimai təşkilatların, xüsusən gənclər təşkilatlarının buna qoşulmasını təklif edirəm. Deputatlar da kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərini artırmalıdırlar.
Mən deputat həmkarım Vahid müəllimin qaldırdığı məsələni dəstəkləyirəm. Faiz dərəcələrinin aşağı salınması istiqamətində xüsusi bir toplantının keçirilməsi, bu məsələyə diqqət edilməsi çox vacibdir. Çünki bu, sonradan ciddi sosial məsələləri ortaya çıxara bilər. Oqtay müəllim, həmişə mən ünvanlı sosial yardımla bağlı çıxış eləyəndə qeyd etmişəm ki, ehtiyac meyarı göstərilsin. Artıq bizə olan müraciətlər və rəsmi statistikanın bizim tərəfimizdən təhlili göstərir ki, sözün həqiqi mənasında, bu məsələyə yenidən baxmağa ehtiyac var.
Son illərin statistikasını deyirəm. Müsbət haldır ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 1,6 faiz enməyə doğru gedir. Təbii ki, bu, yoxsulluqla bağlı bütün parametrlərə təsir göstərir. Amma bir məsələ var ki, əgər biz yoxsulluğun səviyyəsini ölçən zaman yaşayış minimumu göstəricisindən çıxış eləyiriksə, ünvanlı sosial yardım ehtiyac meyarı göstəricisinə görə verilir. Yaşayış minimumu xərc maddələri əsasında hesablanılırsa, ehtiyac meyarı gəlir maddələri əsasında hesablanır. Bunlar tamamilə başqa-başqa göstəricilər olduğuna görə, yoxsulluq həddinin aşağı düşməsi yüzdə yüz faiz ehtiyac meyarına təsir göstərmir, çünki bunların arasında 24 manat, yaxud 25 faiz fərq var. Statistikadan görürük ki, yoxsulluq həddi aşağı düşdükcə ildə 20 min nəfərin ünvanlı sosial yardımı kəsilir. 20 min nəfər kifayət qədər böyük bir rəqəmdir. Ola bilər, həmin 20 min nəfərin içərisində də müəyyən adamlar var ki, onlar yeni kateqoriyaya çıxırlar. Bu məsələyə yenidən baxılmasına mən Nazirlər Kabinetinə…
Sədrlik edən. Sağ olun. Valeh Ələsgərov buyursun.
V.Ələsgərov. Oqtay müəllim, Sizin icazənizlə, dediklərinizə bir neçə kəlmə əlavə etmək istəyirəm. Mən Avropa İttifaqı – Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin həmsədriyəm. Neçə illərdir, biz bu komitənin işini daha düzgün qurmaq istəyirik. Qanunvericilik sahəsində ildə bir dəfə bir-iki saatlıq yox, daimi əməkdaşlıq etmək istəyirik, alınmır. Ancaq mən Sizin qaldırdığınız məsələyə qayıtmaq istəyirəm.
Dağlıq Qarabağa səfər etmiş bir neçə deputatın, xüsusən də Kiprdən olan deputat Eleni Teoxarusun danışdıqları ya bisavadlıqdan, ya da fırıldaqçılıqdan irəli gəlir. Deməli, millətlərin öz müqəddəratını həll etmək prinsipinin hələlik ərazi üzərində suverenlikdən üstün olmadığını deyərək özünü şirin salmağa çalışan bu xanım ya bisavaddır, ya da fırıldaqçı. Çünki millətlərin müqəddəratını həll etmək hüququ millətlərə, xalqlara aiddir, ayrı-ayrı etnoslara yox. Bu iki prinsipin bir yerdə adını beynəlxalq hüquqa, beynəlxalq təcrübəyə uyğun olaraq çəkirlər. Çünki söhbət millətdən, hər hansı bir inzibati ərazinin, dövlətin vətəndaşı olan şəxslərin toplumundan gedir. 200 il bundan qabaq, yəni Napoleonun kodeksi qəbul olunandan bəri bütün dünyada qəbul olunmuş  anlayış var – millət ayrı-ayrı etnosların yox, vətəndaşların toplumudur. Ona görə də Birləşmiş Millətlər Təşkilatında 3000, 7000, 8000 millət toplaşmayıb. Bu, 195 millətdir. Dövləti təmsil edən vətəndaşların toplumu orada yığışıb. Bunu başqa cür yozmaq ya yalandır, ya da bisavadlıqdır. Bisavad adamların da Avropa Parlamentinə seçilməsi onların günahıdır.
Əgər bu xanım, doğrudan da, səmimi qəlbdən hansısa millətin, etnosun haqlarını, hüquqlarını tanımaq istəyirsə, birinci növbədə Kiprdəki türklərin haqlarını, hüquqlarını tanısın. Kim o adanı bölüb, niyə bölüb, tarix hamıya məlumdur.
Yadınızdadır, bir neçə il bundan qabaq Kofi Annanın planına uyğun olaraq hər iki hissədə referendum keçirilməli idi və ada birləşməli idi. Türk hissəsi Kofi Annanın planına “əvət” dedi, o biri tərəf “yox” dedi. 4 gündən sonra o biri tərəfi Avropa Birliyinə qəbul etdilər. Bu, ikili standartlara nümunə deyilmi? “Yox” deyəni qəbul eləyirlər. Əgər onların qarşısına məqsəd qoyulsaydı ki, adanı birləşdirsinlər, bunu mən necə islamafobiya, türklərə qarşı bir addım kimi qəbul etməyim. Qəbul etməliyəm.
Neçə illərdir, Türkiyə Avropa Birliyinin qapısını döyür. Bütün məsələlərdə Türkiyədən geri qalmış dövlətləri qəbul edirlər, Türkiyəni yox. Bu islamafobiya, müsəlmanlara, bizə qarşı atılan addımlar deyilmi? 
Əlbəttə, mən razı deyiləm ki, hansısa hökumətə, par-lamentə qarşı olaq, çünki bu heç bir hökumətin, Avropa Parlamentinin mövqeyi deyil. Avropa Parlamenti bayaq cənab Sədrin adını çəkdiyi qərarda öz mövqeyini bildirib, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İşğalçını işğalçı adlandırıb, onu bu əraziləri tərk etməyə çağırıb. Oqtay müəllimin təklifini dəstəkləyirəm. Məktub yazılmalıdır, mövqeyimiz bildirilməlidir və bu cür adamlar Avropa Parlamentində hər hansı bir milləti təmsil etməməlidirlər.
Deməyə sözüm çoxdur, amma vaxtınızı almaq istəmirəm. Mən Oqtay müəllimin çağırışına qatılıram. Bəzən bir hadi-səyə görə sosial “nələrdə” fəallıq göstərənlər bu məsələdə də fəallıq göstərsinlər. Səslərini ucaltsınlar, çağırışlarını filankəslərin qulaqlarına indi çatdırsınlar. Üzr istəyirəm, bir az emosional danışdım, çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İndicə bizə amnistiya aktı ilə bağlı sənəd təqdim olundu. Təbii ki, biz bu təşəbbüsü dəstəkləyirik və yüksək qiymətləndiririk. Hesab edirəm ki, vaxtaşırı bu addımların atılması ən azı məhkəmə tərəfindən olan müəyyən ədalətsizliklərin də ortadan qaldırılmasına kömək eləyə bilər, bəzi günahsız insanların həbsdən azad olunmasına şərait yaradar.
Amma bir tarixi də sizə xatırlatmaq istəyirəm. Bildiyiniz kimi, qarşıdan 28 may – Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasının 95 illiyi gəlir. Məncə, Azərbaycan hakimiyyəti bu məsələ haqqında da ciddi düşünməlidir və bunun da qeyd olunması istiqamətində çox ciddi addımlar atılmalıdır. Bununla bağlı, bildiyiniz kimi, hörmətli İlyas İsmayılov, Qüdrət Həsənquliyev və mənim tərəfimdən cənab Prezidentə müraciət olunub. Ümid edirik ki, Azərbaycanın xilaskarı, Azərbaycanı işğaldan azad etmiş Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bu ərəfədə konkret addımlar atılacaq. Bu, Azərbaycan xalqının bir qədirşünas xalq kimi mövqeyini ifadə edəcəkdir.
Oqtay müəllim, mən Avropa Parlamenti ilə bağlı fikir-lərinizi, təbii ki, dəstəkləyirəm. Amma burada bir maraqlı məqam var. Bu fikirlər səslənəndə onlar dedilər ki, deputat-ların öz mövqeləridir. Sabah həmin deputatları haradasa bir-iki gün saxlasalar, bütün Avropa ayağa qalxacaq ki, bizim deputatlara niyə təzyiq göstərirsiniz. Yaxud onlara qarşı hər hansı bir kampaniya aparılsa, onda məsuliyyəti öz üzərilərinə götürəcəklər. Amma nə vaxt ki Dağlıq Qarabağı, separatçıları dəstəkləmək lazımdır, onda boyunlarından atırlar ki, bu, Avropa İttifaqının mövqeyi deyil.
Eyni şey Avropa Şurasına da aiddir. Ermənistandakı prezident seçkilərinə verdikləri qiymətə diqqət edin. Sanki orada heç bir namizəd güllələnməyib, heç bir hadisə baş verməyib, demokratik seçki keçirilib və Ermənistan daha böyük irəliləyiş əldə edib. İndi Azərbaycanın Avropa Şurasında özünün  yeni siyasətinin formalaşmasına ehtiyac var. Bunları müşahidə eləyən insan kimi deyirəm. Ermə-nistan 2014-cü ildən Nazirlər Kabinetinə rəhbərlik edəcək. Azərbaycan onda hansı addımı atmalıdır? Onsuz da bu qurumun faktik olaraq nə Azərbaycan müxalifətinin, nə də Azərbaycan hakimiyyətinin xeyrinə fəaliyyəti var. Hakimiyyət istədiyi adamı tutur, istədiyini buraxır, Avropa Şurası heç buna təsir göstərə bilmir. Hakimiyyət özü də Qarabağ və başqa məsələlərdə ondan heç bir dəstək ala bilmir. Ona görə də biz bu məsələ ətrafında vahid strategiya formalaşdırmalıyıq. Biz uzun müddət Azərbaycan əleyhinə qərarların çıxarılmasına  soyuqqanlı şəkildə baxmalıyıq? Ermənistanın bu quruma rəhbərlik eləməsi də bizi çox çətin vəziyyətdə qoyacaq. Məncə, indidən bu problem üzərində düşünməyimiz vacibdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Amma bir məsələni də diqqəti-nizə çatdırım. Gecədən sonra səhər açılır. Ermənilərdən sonra Azərbaycan rəhbərlik edəcək. Ona görə mən burada çətin bir məsələ görmürəm. Ancaq mən bir fikirlə razıyam. Bəli, biz Azərbaycan olaraq artıq bir çox beynəlxalq təşkilatlarda ikili standartlarla qarşılaşırıq. Çox təəssüflər olsun ki, ikili standartları görə-görə zəif hərəkət eləmişik. Mənim də təklifim belə oldu ki, bu məsələdə bir az təpərli olaq. Təkcə deputatlar, hökumət yox, həm də gənclər, mütə-rəqqi insanlar Azərbaycanın mənafeyinə zidd olan mə-sələlərə öz təpkilərini bildirməlidirlər. Zahid Oruc.
Z.Oruc. Cənab Sədr, mən də, şübhəsiz ki, Sizin mövqeyinizi yüzdə yüz bölüşürəm. Çünki Sizin qaldırdığınız məsələ – 5 nəfər parlament üzvünün Qarabağa gedişi Qarabağ ermənilərinin illərlə özünü müstəqil tərəf kimi göstərmək siyasətinin, diplomatiyasının tərkibi deyil, on illər davam edən bir xətdir. Bu xəttin adını çox açıq şəkildə də deməliyik. Məsələn, indi deyirik ki, 5 parlament üzvü öz təşəbbüsləri ilə ora səfər edib, müəyyən öhdəliklər götürüb və bu bizim maraqlarımızla uyğun deyil. Amma Avropa Parlamentinin keçmiş dövrdə Qarabağa dair siyasəti nədən ibarət olub ki?
Hörmətli Valeh müəllim onun ayrı-ayrı momentlərinin üzərində dayandı, amma mən sizə 1993-cü ildən bu yana qəbul olunmuş qətnamələrin bir çoxunu göstərə bilərəm ki, orada ermənilərə qarşı Azərbaycanın yürütdüyü mənfi si-yasətdən bəhs olunur. Biz, ümumiyyətlə, beynəlxalq təşkilatlara açılandan iqtisadiyyatımız onlar üçün artıq dərəcədə açıq olub, amma siyasi cəhətdən sanki daha çox müdafiə ilə məşğul olmuşuq. Biz bu illər ərzində həmin qurumlardan özünümüdafiəni həyata keçirmişik. Halbuki bizim bütün beynəlxalq gözləntilərimiz ondan ibarətdir ki, bu qurumlar beynəlxalq münsif kimi ədalətin təminatında mühüm rol oynayacaqlar.
Bu mənada, mən hesab edirəm ki, Qarabağın müstəqil-ləşmə strategiyasına Avropa Parlamentinin, Avropa Şurası-nın bir sıra dairələri açıq şəkildə dəstək verməkdədirlər. Biz parlament üzvlərinə hiddətimizi, təzyiqimizi yönəltməklə məşğuluq. Cənab Sədr, mən çox istərdim, biz Avropa Parlamentinə Milli Məclis üzvlərinin adından Sizin imzanızla gedəcək sənəddə açıq şəkildə tələb edək ki, Avropa Parlamenti öz üzvlərinə Qarabağa getməyi stimullaşdırırmı və yaxud bunu qadağan edirmi? Bunun təhlükəsizliyinə cavabdehlik daşımayacağını bəyan edirmi?  Ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyünü tanıma anlamı siyasi cəhətdən öz üzvləri üçün hansı şərtləri yaradır? Biz məsələyə ancaq bir nöqtədən, bir neçə parlament üzvlərinə yönəli baxsaq, ağacların altında meşəni görməmək problemini yaşamış olacağıq.
Mən çox arzulayardım ki, bu mövqeyimizi indi vestibüldə dayanıb bizi müşahidə eləyən, o cümlədən bu informasiyaları cəmiyyətə çıxaran media təmsilçiləri heç bir halda  Azərbaycan parlamentinin beynəlxalq qurumlara cəbhə açması kimi xarakterizə eləməsinlər. Sözün həqiqi mənasında, beynəlxalq tendensiyalar onu deyir ki, bu illər ərzində Ermənistanın siyasəti hansısa formada himayə və müdafiə olunur. Ən dəhşətlisi odur ki, bəzən Rusiyanın xətti də Avropa Parlamentində qalib gəlir. Çox maraqlıdır ki, onlar bizi sıxaraq, bizə təzyiq göstərərək sanki Rusiyanın mövqeyini gücləndirirlər və bununla da Avropanın bu regionda maraqlarına zərbə vururlar. Ona görə, cənab Sədr, təbii ki, hər birimiz Sizin müraciətinizi müdafiə edirik, lakin onun tonunun daha sərt seçilməsini arzulayırıq. Çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun, Zahid müəllim. Mən çı-xışımda demədim ki, 3 nəfər deputata qarşıyıq. Ümumiy-yətlə, ikili standartlara qarşı daha diqqətli olmalıyıq və daha kəskin mübarizə aparmalıyıq. 3 deputatdan söhbət getmir. 3 də olar, 15 də, ancaq biz bunlara münasibətimizi bildirməliyik. Hadi Rəcəbli.
H.Rəcəbli. Cənab Sədr, bu gün 90 illik yubileyini qeyd etdiyimiz ulu öndərimizin siyasətinin mahiyyətində mər-həmət dururdu. Bu gün Heydər Əliyev Fondunun prezidenti, deputat həmkarımız Mehriban xanımın amnistiya təşəbbüsü ilə çıxış etməsi də buna bariz bir nümunədir. Bu mərhəməti ulu öndərimiz tərəfindən daim qaçqın və köçkünlərə göstərilən qayğı və diqqətdə daha çox hiss edirdik. Taleyin qismətindən mən bu problemlə 1993-cü ildən ardıcıl olaraq məşğulam. Bu sahədə aparılan işlər gözümün önündədir. 
Mən yada salmaq istəyirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev düz on il bundan öncə hələ Baş nazir olarkən BMT-nin 58-ci sessiyasında BMT tarixində ilk dəfə çox kəskin tənqidi çıxış etdi. Bu çıxışın mahiyyətində BMT-nin 4 qətnaməsinin icrası məsələsi dururdu. Təsəvvür edin ki, hələ o vaxt qəbul olunmuş qətnamələrin icra olunmaması möhtərəm Prezidentimizi də çox ciddi düşündürürdü.
Mən nəyi yada salmaq istəyirəm. Bu günlərdə Avropa parlamentarilərinin atdıqları addımlar, həqiqətən, dözülməzdir. Tənqidə, ikraha, ən pis sözlərə layiqdir. Nə üçün? Biz hamımız ATƏT-in 1975-ci ildə qəbul olunmuş 10 prinsipini çox gözəl bilirik. Maraqlı nədir? 10 prinsipin 7-si birbaşa Azərbaycanın bugünkü mövqeyini dəstəkləyən prinsiplərdir. Yalnız bir prinsipdə, yəni özünün müqəddəratını həlletmə prinsipində müəmmalı bir məqam var. Bir bu prinsipdə göstərilir ki, nə isə addımlar atmalısan. 7 prinsipi görmədən bir prinsip ətrafında fikir yürütmək nainsaflıq, ədalətsizlikdir. Biz isə, çox təəssüf ki, buna göz yumuruq.
Oqtay müəllim, mən yada salmaq istəyirəm ki, bir dəfə Murtuz müəllim bir qrup yaratmışdı. Mən türk Kiprinə qrupun rəhbəri kimi getmişdim. Bilirsiniz ki, artıq 20 ilə yaxındır ki, mən Yunanıstan–Azərbaycan dostluq qrupunun rəhbəriyəm. İnanın, iki il Yunanıstan səfirliyi mənimlə heç bir əlaqə qurmadı. Ona görə ki, biz Kiprə elə-belə səfərə getmişdik. Bu  gün Dağlıq Qarabağa gedib orada xüsusi fikirlər səsləndirənlər haqqında heç birimiz ölçü götürmürük. Odur ki, mən bu iradları dəstəkləyirəm. Təkcə Sizin adınızdan yox, gərək parlamentin bütün deputatları adından müraciət edək. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Mənim dediyim də odur da, müraciət edin. Bahar xanım, buyurun.
B.Muradova. Təşəkkür edirəm, Oqtay müəllim. 5 nəfərin Dağlıq Qarabağa səfəri ilə bağlı bəlkə də bu gün geniş müzakirə açmağa ehtiyac yox idi, əgər bu, təkcə 5 nəfərin öz təşəbbüsü ilə, sadəcə, ora səfər xarakteri daşısaydı. Burada qeyd olundu, artıq dünyada Dağlıq Qarabağın tanıdılması istiqamətində çox ciddi bir proses başlatmaqdadırlar. Kiçik dövlətlər, Amerikanın bəzi ştatlarının xırda regionları olsalar da, artıq Dağlıq Qarabağın tanınması ilə bağlı ilkin qərarla qəbul edilməkdədir. Bu da həm erməniləri, həm də onların maraqlarını ifadə edən dairələri çox ruhlandırır. Mən bu səfəri də elə həmin ruhlanmanın nəticəsi kimi qəbul edirəm.
Təsadüfi deyil ki, burada da səfər edənlər bütün bunlara rəğmən fəaliyyətlərini genişləndirəcəkləri barədə öz fikir-lərini ifadə ediblər. Söylənilib ki, Dağlıq Qarabağ demok-ratiyası dünyaya tanıdılmalıdır, Dağlıq Qarabağın müstəqil-liyi qəbul olunmalıdır. Bu gün beynəlxalq hüququn prinsip-ləri buna imkan vermir, amma gələcəkdə bunlara nail olmaq üçün addımlar atılmalıdır. Deməli, buradan nə məna çıxır? Belə çıxır ki, hər bir dövlətin qəbul etdiyi beynəlxalq hüququn prinsipləri erməni maraqlarının bir qrup ifadəçiləri üçün çox elastik bir şeydir. Onu istədiyi səmtə yönəltmək və təki bu maraqlar reallaşsın deyə onları hətta dəyişdirmək istiqamətində fəaliyyəti özlərinə bir tapşırıq kimi qəbul edənlər var. Narahat edən budur.
Mən bu gün üzümü həmin deputatlara tutub soruşmaq istəyirəm, siz kimsiniz? Sizin məqsədiniz, hədəfiniz, məra-mınız nədir? Sizin bu bölgəyə səfəriniz təkcə insanlıq, erməni yaralarını sağaltmaq naminədirmi? Erməni yaraları-nın sağalması nədir? Bu, dünyada mövcud olan qayda-qanunu, ahəngi pozmağamı yönəlməlidir? Sizin məqsədiniz budurmu? Siz Avropa Birliyinə daxil olan ölkələrdə hər gün sosial-siyasi hüquqları pozulan insanların, milyonlarla Avropa vətəndaşının, sizin və ölkələrinizin rahatlığı üçün bu ölkələrə köçmüş miqrantların səsini eşitməli, onların haqlarını, hüquqlarını qorumalı olduğunuz halda, niyə bir qrup erməninin maraqlarının ifadəçisinə çevrilmisiniz? Nə-dən Avropa Parlamentinin deputatı kimi bir adı “sadiq erməni xidmətçiliyi”nə  dəyişirsiniz? Biz də bilirik ki, hətta sadiq olmayan xidmətçilər belə, xidmətləri müqabilndə nəsə alırlar. Bəlkə, doğrudan da, Oqtay müəllimin söylədiyi kimi, sizlər alınmışsınız? Bəlkə bu maraqların ifadəçisi olmaq üçün sizə də xidmətlər göstərilir, ödənişlər verilir? Bəlkə bu barədə də geniş bir diskussiya açmaq lazımdır?
Mənə belə gəlir ki, biz indiyə qədər bunlara münasi-bətimizdə korrekt olmağa, diplomatik, etik çərçivədən kənar çıxmamağa çalışmışıq.  Hər zaman bunu gözləmişik. Bunu gözlədikcə onlar bizim üstümüzə gəlirlər. Ona görə də Avropa Parlamentinin deputatlarının və digər qrupların nümayəndələrinin bizə qarşı apardıqları fəaliyyətə adekvat cavab verməliyik. Hansı tonda bizə münasibət göstərilirsə, o tonda da cavab verilməlidir. Bizə qarşı hansı ifadələrdən istifadə olunursa, o ifadələrdən də biz onlara qarşı istifadə etməliyik.
Mən bu gün işğal altında olan bölgəni təmsil edən deputatam. Mənimlə birlikdə o regiondan seçilən onlarca deputatın yüz minlərcə hüququ pozulmuş, öz evindən-eşiyindən didərgin düşmüş, malı-mülkü qarət olunmuş, tar-mar edilmiş, milli və dini heysiyyəti təhqir olunmuş  seçici-ləri var. Onların tələbləri var. Onların həm bizdən, həm də özlərini dünya ictimai-siyasi proseslərinin mərkəzi faktoru hesab edən Avropa Parlamentinin nümayəndələrindən tələ-bləri var. Onlar bu ədalətsizliyə son qoyulmasını tələb edirlər.
Həmin xanım – Elene Teoxarus öz həmkarları ilə birlikdə erməni pasiyentlərinin halını yoxlamaq üçün Dağlıq Qarabağa səfər edə bilərdi, əgər o yalnız bu xarakteri daşısa idi. Onda biz ona heç nə deməzdik. Həkim andı içmiş bir şəxs insanlıq naminə bu ərazidə ev-eşiyindən didərgin düşmüş yüz minlərcə etnik azərbaycanlının vəziyyəti ilə niyə maraqlanmadı? Onların da müayinəyə, müalicəyə, reabilitasiyaya öz evlərindən kənarda ehtiyacı var. Ən əsası, onların öz evlərində yaşamaq kimi fundamental hüquqları pozulub. Niyə bunlara göz yumulur? Niyə bu həqiqətləri eşitmək istəmirlər? Bir dəfə də olsa, onlarla maraqlanıblarmı, bu insanlarla görüşmək üçün Azərbaycana gəliblərmi? Bilavasitə və dolayısı ilə onlara bəlli olan bu insanların həqiqətlərini heç veclərinə də almayıblar, bu gün də almırlar. Onlara qarşı fikirlərimizi ifadə edərkən bütün standartları gözləməyimiz öz başımızda çatlayır.
Mən gənclər təşkilatlarına, siyasi partiyalara, ictimai təşkilatlara, “Eurovision” mahnı müsabiqəsi zamanı xaric-dən çalınan havalara burada dəstək verən dairələrə müraciət edirəm. Mən əminəm ki, bu hələ davam edəcək, çünki qarşıdan Avropa oyunları və Prezident seçkiləri gəlir. Bu prosesləri onlar yenə də davam etdirəcəklər. Mənim onlara müraciətim o xarakteri daşımır ki, onlar da bu prosesə qoşulsunlar. Mən əminəm ki, qoşulmayacaqlar. Ən azı onu söyləmək istəyirəm ki, Azərbaycana qarşı fəaliyyətdə əlinizi, dilinizi saxlayın. Bu gün Azərbaycanın taleyüklü məsələləri həll olunur, onların həlli zamanı ən azı ona mane olmayın. Sizin azərbaycanlılığınız yalnız burada işləsin.
Mən, Oqtay müəllim, bir daha Sizin dediklərinizin hər birinə dəstək verirəm. Hesab edirəm ki, bizim bütün vətəndaşlar, siyasi partiyalar, millət vəkilləri özlərinin bütün imkanlarını buna yönəltməli, bu qurumların üzvü olan hər kəslə ayrı-ayrılıqda işləməli, ən azı onların bizə qarşı düşmənçiliyinə son qoyulmasına çalışmalıdırlar. Bir daha mən üzümü həmin parlamentarilərə tutub demək istəyirəm ki, siz ermənilərin dostu ola bilərsiniz, amma bu  sizin azərbaycanlıların düşməni olmağınız anlamına gəlməməlidir. Bu cür ədalətsizliyə, qeyri-obyektivliyə, qərəzliliyə yol vermək sizin şəxsi bioqrafiyanız üçün qara  bir ləkədir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun.  Onlar  şəxsi bioqrafiyalarına  ləkəni yazdılar: “mən sizin nökərinizəm”, “sizin tapşırığınızı gözləyirəm”. Bu, aydın məsələdir. 
Bir də, Bahar xanım, Siz inanırsınız ki, etdiyiniz çağırışla onlar  Azərbaycana qarşı deyil, bu qüvvələrə qarşı  çıxacaqlar? Dediyiniz çağırışa bir balaca inamımız olsaydı, deyərdim ki, çox sağ olun.
Bir nəfər də çıxış etsin, sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçək. Qənirə Paşayeva buyursun.
Q.Paşayeva. Çox sağ olun, Oqtay müəllim. Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktının ildönümüdür. Həlak olan dəyərli gənclərimizi və ziyalılarımızı rəhmətlə anırıq. Bu terroru təşkil edənləri və həyata keçirənləri də lənətləyirik və hər zaman pisləyəcəyik, lənətləyəcəyik.
Oqtay müəllim, mən Sizin dediklərinizi tamamilə dəstəkləyirəm. Çünki vəziyyət o yerə çatıb ki, həmin bu millət vəkilləri Azərbaycanın işğal olunmuş ərazilərinə ge-dirlər, sonra da Avropa Şurasının tribunasından Azərbaycan Xarici İşlər Nazirliyini ittiham edirlər. Məsələn, fransalı millət vəkili Ruşenin Azərbaycanın Xarici İşlər Nazirliyini ittiham edən açıqlaması verildi ki, məni arzuolunmaz  şəxs elan edirlər və sair. Yəni artıq bu məsələ ilə bağlı çox ciddi şəkildə tədbirlər görülməsi lazımdır. Biz o zaman onun cavabını verdik ki, əgər biz bunu sizə qarşı etmiş olsaydıq, siz daha sərt addımlar atardınız. Ona görə mən  hesab edirəm ki, sizin o çağırışınıza nəinki Azərbaycan dövləti, vətəndaşları, xaricdə yaşayan milyonlarca insanımız qoşulmalıdır. Mən ilk öncə bu çağırışı onlara edirəm. Dünyanın hər yerində, elə Avropa ölkələrinin özündə on minlərcə insanımız var. O insanlar bu məsələyə sakit baxmamalıdırlar, mütləq sərt münasibətlərini bildirməlidirlər. Mən onları həmin deputatlara sərt münasibət göstərməyə çağırıram.
Oqtay müəllim, çox yaxşı olardı ki, biz Xarici İşlər Nazirliyinin bu qərarını da daha sərt şəkildə təqdim etmək üçün Sizin rəhbərliyinizlə parlamentdə İşğal olunmuş ərazilər haqqında qanun layihəsini müzakirəyə çıxaraq. Bununla bağlı bir sərt qanun qəbul olunsun ki, nəinki millət vəkilləri, sabah o ərazilərə gələn iş adamları, müğənnilər – hamı Azərbaycanda arzuolunmaz şəxs elan olunsun.
Mən də Sizin təşəbbüsünüzü dəstəkləyərək diaspordakı insanlarımızı bu məsələdə fəallığa çağırıram.
Mən bir məsələni də vurğulayacağam. Ötən axşam sosial şəbəkələrimizdə Rüxsarə Cumayeva adlı Qarabağ veteranı-mıza köməklə bağlı bir kampaniya başlanıb. Mən buradan dövlət qurumlarını – Səhiyyə Nazirliyini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini bu xanımın məsələsini həll etməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Siyahıda hələ 14 adam var. Birinə söz versəm, qalanları danışmaq istəyəcək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda  gündəliyi saxlayaq, axıra kimi müzakirəyə davam edək.  Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, çox təşəkkür edirəm. Sizin dediklərinizə mən də qatılıram. Söylədiyiniz məsələ ilə bağlı bir neçə konkret təklif vermək istəyirəm. Birincisi, Sizin müraciətiniz çox əhəmiyyətli olacaq, vacib olacaq. Avropa Parlamenti deputatlarının bu hərəkətləri, şübhəsiz ki, demokratiyadan, insan haqlarından, beynəlxalq hüquq normalarının aliliyindən danışanların demokratiyaya, insan haqlarına, beynəlxalq hüquq normalarına hörmətsizliyidir.
Amma hörmətli cənab Sədr, mən nəyi konkret olaraq söyləmək istəyirəm? Birinci, yaxşı olardı ki, bizim parlamentimiz həmin deputatların vətəndaşı olduğu ölkələrin parlamentlərinə, onların rəhbərlərinə müraciət etsin. İkinci, Xarici İşlər Nazirliyimiz Azərbaycanda akkreditə olunmuş həmin ölkələrin səfirlərini çağırsın və onlara konkret etirazını bildirsin. Bu çox ciddi təsir olacaq. Üçüncü, biz işğal olunmuş ərazilərimizə səfər edən həmin deputatların özlərini qanunlarımıza hörmətsizlik etmələrinə baxmayaraq, Azərbaycana dəvət edək. Parlamentimizdə olan müxalifət partiyaları həmin deputatlara fərdi olaraq müraciət etsinlər.
Həmin 5 nəfər deputatın təmsil etdiyi ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələrini Azərbaycana dəvət edək. Bunun faydası olar. Çünki Siz tamamilə doğru dediniz, burada söhbət bir neçə deputatdan getmir, Azər-baycana yönəlmiş siyasətə etirazdan və gələcəkdə ola bilən hədələrin, təhdidlərin qarşısının alınmasından gedir. Nəha-yət, biz, hesab edirəm ki, Sizin tamamilə doğru dediyiniz kimi, suallara cavab verən yox, suallar verib cavab alan    mövqeyində olmalıyıq. Bu baxımdan da biz fəal olmalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun.  Hüquq komitəsinin sədri kimi buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Əslində, mənim söz istəməkdə təkid etməyimin səbəbi var, çünki bu bey-nəlxalq təşkilatlarda, Avropa strukturlarında biz çalışırıq və o parlamentin  üzvü kimi  bu vəziyyətdə özümü də məsul şəxslərdən biri hesab edirəm. Əgər nə isə baş verirsə, deməli, ola bilər ki, biz öz işimizdə müəyyən korrektə et-məliyik.
Amma istərdim ki, əvvəlcə vəziyyəti təhlil edək. Yəqin razılaşarsınız ki, bu illər ərzində Azərbaycan parlamenti nümayəndə heyətlərinin çoxlu uğurları da olub. Bu uğurlar Avropa parlament təşkilatları çərçivəsində qəbul olunmuş qərarlarda da öz əksini tapıb. Amma təəssüf ki, Avropa strukturlarının, Avropa Parlamentinin qəbul etdiyi qərarların icra mexanizmi yoxdur. Avropa Şurasının yalnız Avropa Məhkəməsinin qərarları kimi icra mexanizmi var. Məlumat üçün qeyd etmək istəyirəm ki, orada bizim qaçqınların Dağlıq Qarabağ problemi, işğal olunmuş ərazilərlə bağlı iddiaları var. Çox çalışırıq ki, o işlərə baxılsın və orada biz bu işləri uda bilək. Amma bir daha qeyd edirəm ki,  Avropa strukturlarının özlərinin qəbul etdikləri qərarları həyata keçirmək üçün real bir mexanizmi yoxdur.
İkincisi, cənab Sədr, həm Sizin, həm də Bahar xanımın və Valeh müəllimin bu fikirləri ilə razıyam ki, əslində, Avropa strukturlarında iki narahatedici məqam güclənməyə başlayıb. Bunlardan birincisi siyasi korrupsiyadır, ikincisi qanunsuz lobbiçilikdir. Ona görə, Bahar xanım, əlbəttə, o insanların hərəkətlərində bu iki məqamın təsirini hesabdan silmək olmaz. 
Üçüncü, belə hərəkətlərdə məqsəd nədir? Bu həmin o mərkəzlərin Azərbaycana təsir vasitələrindən, təsir im-kanlarından biridir. Yəni onlar bu cür addımlar atırlar ki, Azərbaycan həm müstəqillik məsələsində, həm bir sıra iqtisadi layihələrdə, həm də Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hansısa güzəştlərə getsin. 
Dördüncü qeyd etmək istədiyim məsələ. Biz  uzun illərdir müşahidə edirik ki, bu problemin həlli işinə Azərbaycanın hər halda parlamentdə təmsil olunmayan müxalifəti, yaxud  radikal müxalifəti heç bir fayda vermir. Heç bir fayda verə də bilməz, çünki Dağlıq Qarabağ probleminin  bu düyünə düşməsinin  səbəbkarı əslində onlardır.  O da məlumdur ki, hansısa görüşlərdə, diskussiyalarda onlar bu məsələni qaldırmır və heç Avropadakı siyasi partiya həmkarları ilə təmaslarda da bu cəhdləri etmirlər. Yeganə hakim partiya – Yeni Azərbaycan Partiyasının öz həmkarları ilə belə münasibətləri var və bu məsələ həmişə diqqət mərkəzində saxlanılır.
Nəhayət, hansı təklifləri edə bilərik, cənab Sədr? Əlbəttə ki, biz işimizi gücləndirməliyik. Mən bunun təxminən iki formasını görürəm. O insanlarla bağlı Avropa Parlamentinin rəhbərliyi  deyəcək ki, onlar  azad insanlardır və hara istəyirlər ora gedirlər. Mən hesab edirəm, onların təmsil olunduqları siyasi partiyalarla işi gücləndirmək lazımdır  və Azərbaycan parlamentində bir daha AŞPA və Avronest Parlament Assambleyası nümayəndə heyətlərinin bu məsələlərlə bağlı bəlkə də birgə müzakirəsinə ehtiyac var. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun.  Əli müəllim, Siz çox mə-sələləri dediniz. Mən o xırdalıqlara varmadım. Bu hallar nəyə görə və nəyin təsiri altında baş verir, səbəb nədir? Əsas səbəblərdən biri odur ki, ermənilərin havadarlarının və erməni lobbisinin dəstəyi ilə dünyada artıq “yazıq erməni milləti” obrazı formalaşıb. Bir tərəfdən Azərbaycan, bir tərəfdən İran, bir tərəfdən də Türkiyə kimi güclü müsəlman ölkələrinin ortasında qalan “yazıq” Ermənistana ərazisinin bir hissəsini güzəştə getmək istəməyən Azərbaycana bu münasibət Avropada mövcud olan islamofobiyadan qaynaqlanır. Sözün kökü budur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siyavuş, xahiş edirəm, artıq bəsdir, yazılanlar da var. İndi Bəxtiyar Əliyevin növbəsidir, əlini qaldırıb, sonra, İqbal Ağazadə əlini qaldırıb. Ona görə xahiş edirəm, yekunlaşdıraq. Fikir artıq formalaşdı, məlum oldu. İndi burada fikir demək əvəzinə kompyuter arxasında işləməliyik – biz də, köməkçilərimiz də, mətbuat da. Elədir, elə deyil? Çox sağ olun.
Keçirik gündəliyin birinci məsələsinə. “Azərbaycan Res-publikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə. Hörmətli millət vəkilləri, təklif var ki, Valeh Ələsgərov Azərbaycan–Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilsin. Valeh Ələsgərovun namizədliyinə etiraz yoxdur? Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.53 dəq.)
 Lehinə  91
 Əleyhinə  0
 Bitərəf  1
 Səs vermədi  1
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi. “Azərbaycan Respublikası  Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)” Azərbaycan Respublikasının yubiley medalının təsis edil-məsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli həmkarlar, bildiyiniz kimi,  Azər-baycan Respublikasının orden və medallarının təsis edilməsi ilə bağlı xüsusi qanun mövcuddur.  Cənab Prezident tərəfindən təklif olunur ki,  “Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi” yubiley medalı təsis olunsun.  Hesab edirəm ki, bu təşəbbüs parlament tərəfindən də dəstəklənməlidir. Çünki Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra yaradılmış xüsusi qurumlardan biri də Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətidir. Hesab edirəm ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyəti, peşəkarlığı bir çox ölkələr üçün nümunə ola bilər. Bu barədə, elə bilirəm ki, bizim fikirlərimiz eynidir. Bu 20 illik şərəfli yolun həm də yubiley medalının təsis edilməsi ilə qeyd edilməsi, məncə, məqsədəmüvafiqdir. İnanıram ki, siz də cənab Prezidentin bu təşəbbüsünü dəstəkləyəcəksiniz.   


Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Nə təklif olacaq? Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.03 dəq.)
 Lehinə  93
 Əleyhinə  1
 Bitərəf  1
 Səs vermədi  1
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının  Seçki  Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Təklif olunan qanun layihəsi Seçki Məcəlləsi ilə tənzimlə-nən bir sıra münasibətlərin daha mükəmməl həyata keçiril-məsini özündə ehtiva edir. Birincisi, qeyd edim ki, seçki zamanı istirahət hüququnun daha səmərəli həyata keçiril-məsi ilə bağlı məsələni tənzimləyir. Təklif olunur ki,  səs-vermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə iş günü hesab edilməyən bayram gününə düşürsə, səsvermə Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir. Məncə, bu çox normal bir müddəadır, insanların istirahət hüququ ilə bağlıdır. Bunu qəbul etmək lazımdır.
İkincisi, Məcəllənin 211-ci maddəsində nəzərdə tutulan münasibətlər daha əhatəli göstərilir. Nəhayət, təkrar seç-kilərlə bağlı olan 243-cü maddəyə təklif edilən dəyişikliklər isə bələdiyyələrin ərazisində yaşayan əhalinin seçki hüquqlarının daha səmərəli həyata keçirilməsi üçün hüquqi əsasların genişləndirilməsini özündə ehtiva edir. Bütövlükdə bunlar müsbət dəyişikliklərdir. Hesab edirəm ki, parlament tərəfindən qəbul olunmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Neçə iclasdır söz istəyirik, nəhayət ki, bizə də bir söz çatdı. Seçki Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı Milli Məclisə və komitələrə bir neçə dəfə təkliflər vermişik. Təəssüflər olsun ki, bu təkliflərin heç biri müzakirəyə çıxarılmayıb və onlardan heç bir xəbər yoxdur. Seçki Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı verdiyimiz təkliflərə, – bir dəfə də burada soruşmuşam, – nədən ötrü baxılmır? Niyə istənilən deputat qanunvericilik təşəbbüsü ilə çıxış edəndə əgər bu, hakimiyyət maraqlarına uyğundursa baxırsınız, amma mən burada bütövlükdə müxalifət adından təklif vermişdim, onu hələ də müzakirəyə çıxarmamısınız?
Biz Seçki Məcəlləsinə nə təklif edirdik? Bizim Seçki Məcəlləsinə etdiyimiz  birinci təklif o idi ki, seçkilər səsvermə gününə azı 60 gün qalmış yox, 90 gün qalmış elan olunsun. Hamı deyir ki, dünyanın müxtəlif ölkələrində olan təcrübələrə görə təbliğat aparmaq üçün 23 gün, 25 gün yetərlidir. Bəli, dünyanın müxtəlif ölkələrində bu tipli mə-sələlər var. Amma o ölkələrdədir ki, orada bu məqsədlə televiziyadan, xalqla görüşdən, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun verdiyi imkanlardan – hər şeydən isti-fadə edilir. Azərbaycanda biz bunlardan istifadə edirikmi?
Keçən bazar günü Sumqayıt şəhərində biz dövlət tərəfindən maliyyələşən partiya qismində tədbir keçirirdik. Mən Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənova da bu barədə dedim. Bir polis gəlib ağına-bozuna baxmadan, mən belə istəyirəm, burada tədbir keçirilməyəcək deyə tədbiri pozdu. Deyirəm, ay bala, niyə, hansı qanuna söykənirsən, niyə söykənirsən, nədən ötrü, kimsən sən? Deyir, çıxın, çıxmasanız hamını həbs edəcəyik və içəri dolduracağıq. Belə şəraitdə 23 günə nə etmək mümkündür? Şərait olsaydı, əhali ilə görüşmək imkan-larımız olsaydı, bu başqa məsələ.
Amma eyni zamanda, hörmətli həmkarımız Əli Əhmədov bütün regionlarda Yeni Azərbaycan Partiyası adından görüşlər keçirir. Bəs niyə bizə icazə verilmir? Niyə Ümid Partiyasının Sabirabadda, Sumqayıtda, İmişlidə və başqa rayonlarda konfransları dağıdılır, amma Yeni Azərbaycan Partiyasının eyni tədbirləri çox rahat keçir? Eyni hal Azərbaycan Xalq Cəbhəsinin başına gəlib, Müsavat Parti-yasının başına gəlib. Bəs siz əgər Seçki Məcəlləsində bunu nəzərdə tutursunuzsa, 23 günə 70 inzibati vahidi və 125 dairəni əhatə edən müxalifət hansı resurslarla, necə iştirak etsin?  Ona görə də biz təklif etmişdik ki, 90 günə qaldırılsın.
İkinci, bizim təkliflərdə kifayət qədər aydın şəkildə Mərkəzi Seçki Komissiyasının, dairə və məntəqə seçki ko-missiyalarının formalaşdırılmasından söhbət gedirdi. Nə Mərkəzi Seçki Komissiyasında, nə dairə, nə də məntəqə seçki komissiyalarında bizim hüquqlarımız tanınıb. Mən buna bu gün də buradan birmənalı şəkildə etiraz edirəm, bunu cənab Sədrin də diqqətinə çatdırmışam.
Dairələrin hamısı saxta arayışlar təqdim edirlər. Guya bizim üzvlərə məlumat veriblər, məntəqələrdə təmsil olun-maq üçün siyahını istəyiblər, amma demə, poçt xidməti ya-rarsız olub və poçt onlara çatdırmayıb, iclasın da vaxtı keçib. Bu nə oyunbazlıqdır? Hara qədər gedəcək bu oyunbazlıq?
Qarşıdan seçki gəlir. Bir məntəqədə bizimkilər iştirak etmirsə, müxalifət iştirak etmirsə, nədən söhbət gedir? Ona görə hesab edirəm ki, bu edilən dəyişikliklərdən daha çox ümumən Azərbaycan cəmiyyətinin təklif etdiyi dəyişiklikləri həyata keçirmək lazımdır.
Mən bundan əvvəl cari məsələlərdə də çıxışa yazılmış-dım. Bir məsələyə xüsusi diqqət ayırmaq istəyirdim. Gür-cüstandan olan soydaşlarımız uzun illərdir bizim Miqrasiya Xidmətindən əziyyət çəkirlər. Onların Azərbaycana gəlib getməyi və yaxud burada yaşaması az qala 1500 dollara başa gəlir. Bunlar bizim soydaşlarımızdır və mütəmadi olaraq Azərbaycanla bu və ya digər şəkildə əlaqəlidir. Onların Azərbaycana gəliş-gedişinin sadələşdirilmiş formada həyata keçirilməsini və hüquqlarının qorunmasını təmin etmək orada problemlərin olmaması və soydaşlarımızın güvənli Azərbaycan dövlətinə söykənməsi üçün çox vacibdir.
Mən hesab edirəm ki, bu məsələlər barəsində, nəhayət ki, Milli Məclis ciddi düşünməli, mərkəzi, dairə və məntəqə seçki komissiyalarının formalaşdırılmasından tutmuş ümu-mən Seçki Məcəlləsinə bizim etdiyimiz təklifləri Prezident seçkiləri öncəsi yenidən müzakirəyə çıxarıb  baxmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında bu qanun layihəsinin qəbul olunmasının tərəfdarıyam. Am-ma Seçki Məcəlləsinə özümün də bir sıra təkliflərim var. Hesab edirəm ki, bu təkliflərin də gələcəkdə nəzərə alınması məqsədəuyğun olar.
Ümumilikdə götürəndə, Azərbaycanda Seçki Məcəl-ləsinin qəbul olunması çox mütərəqqi bir haldır. Çox dünya ölkələrində belə bir məcəllənin olmamasına baxmayaraq, Azərbaycanda bütün seçkilərin azad, ədalətli, demokratik keçirilməsi üçün belə bir toplu var və bizdə bir sıra seçkilər onun əsasında keçirilibdir. O bundan sonra da ölkəmizdə azad, ədalətli, demokratik seçkilərin keçirilməsi üçün stan-dartlara tam cavab verən bir seçki məcəlləsidir.
Burada Seçki Məcəlləsi ilə bağlı bəzi fikirlər səsləndi. Mən hesab edirəm, bunlar düzgün olmayan fikirlərdir. Müddətlərlə bağlı məsələ qoyuldu. Dünyanın heç bir ölkəsində seçkilər səsvermə gününə 3 ay qalmış elan edilmir. Şərqi Avropa ölkələrini – Polşanı, Macarıstanı, Çexiyanı götürək. İstər parlament, istər yerli özünüidarəetmə, istərsə də Prezident seçkiləri 45 gündən artıq müddətdə deyil. Seçki müddəti insanın özünü cəmiyyətə tanıtması üçün deyil. Bu, prosedur qaydadır. Nəzərdə tutulur ki, cəmiyyət artıq səni tanıyır, tanıdığına görə də səs verir və qəbul edir. O prosedur qayda seçki məntəqələrinin yaradılması, seçici siyahılarının dəqiqləşdirilməsi, seçki dairə və məntəqələrinin lazımi sənədlərlə təmin olunması və sair üçün nəzərdə tutulub. Burada nəzərdə tutulmur ki, kim isə elə bu müddət ərzində şəhərbəşəhər, kəndbəkənd gəzib, özünü təbliğ eləməli və göstərməlidir ki, o, prezident və ya millət vəkili olmağa la-yiqdir.
Parlament seçkilərində  mən bunun dəfələrlə şahidi ol-muşam ki, seçki elan edilib, namizədlərə imza toplanmasına başlanıb, amma müxalifətin bir qrupunu təmsil edən partiyalar hələ öz namizədlərini müəyyən eləyə bilməyiblər. Sonra da şikayət eləyirlər ki, seçki müddəti çatışmır. Halbuki o, 6 ay, 8 ay qabaqcadan artıq bilməlidir ki, hansı dairədən hansı namizəd göstərilə bilər və onlardan hansının burada şansı daha böyükdür.
Prezident seçkiləri daha qlobal seçkidir. Bu seçkilərdə hər bir namizədi xalq artıq yaxşı tanımalı və bunlar arasında seçim eləməlidir. Bizimkilər elə hesab edirlər ki, bu müddət ərzində özlərini xalqa təqdim edəcək və tanıdacaqlar. Mən hesab edirəm ki, bu tamamilə yanlışdır. Dünyanın heç bir yerində elə bir təcrübə yoxdur ki, hansısa siyasətçi özünü televiziya vasitəsilə reklam eləsin. Görmüşük, artistlər özünü reklam eləyər, müəyyən ərzaq məhsulları reklam oluna bilər. Amma siyasətçinin reklamı yoxdur, siyasətçinin fikirləri var, şərhləri var. Bu şərhlər, fikirlər mətbuat orqanları, internet vasitəsilə xalqa çatdırılır. Hər hansı bir namizəd İctimai Televiziyada çıxış edə və yaxud başqa televiziya kanallarında ödənişli efir vaxtı alıb bundan istifadə edə bilər.
İndi problem nədən ibarətdir? Bilirsiniz ki, Seçki Məcəl-ləsinin 180.3-cü maddəsi var. Orada göstərilir ki, prezi-dentliyə namizədlər seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra irəli sürülür. Qəzeti açıb oxuyuruq ki, prezidentliyə namizəd filankəs gənclərlə görüşür. Bu harada namizəd oldu, buna namizədlik statusunu kim verdi? Əlbəttə, hansısa partiya kiminsə namizədliyini və yaxud hansısa bir Azərbaycan vətəndaşı öz namizədliyini irəli sürə bilər. Lakin bu, Seçki Məcəlləsi əsasında həyata keçirilməlidir. Başqa cür heç kəs Seçki Məcəlləsinin tələblərini pozaraq yerlərdə prezidentliyə namizəd kimi görüşlər keçirə bilməz.
Hər kəs öz partiyasının üzvləri və yaxud yerlərdə tərəf-daşları ilə görüşlər keçirə bilər. Ona heç kəs qadağa qoymur və bu, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunla tənzimlənir. Yəni yerli icra hakimiyyəti orqanını xəbərdar etməklə hansısa bir görüşü keçirmək olar.
Burada Yeni Azərbaycan Partiyasının yerlərdə tədbirləri, Əli müəllimin keçirdiyi görüşlər haqqında fikir söyləndi. Yeni Azərbaycan Partiyası qanunun bütün tələblərinə əməl edərək qabaqcadan xəbərdar etməklə öz qərargahlarında partiya üzvləri ilə görüşür. Gedib çayxanada, kiminsə evində, kiminsə həyətində, toyxanada, yas yerində ictimai-siyasi vəziyyətlə əlaqədar moizə  oxumur. Yeni Azərbaycan Partiyası öz tərəfdaşlarını yığır, ilk partiya sədrləri ilə, şura üzvləri ilə, heyət üzvləri ilə partiyanın həyatı, qarşıda duran vəzifələr, partiyaya qəbul, partiyadan xaric olma və sair məsələlərlə bağlı fikir mübadiləsi aparır, müəyyən təlimatlarını verir və sairə.
Bəzi müxalifət partiyaları tərəfindən yerlərdə keçirilən görüşlərin mahiyyəti isə başqa şeydir. Deyək ki, biri 30 nəfərlə Lənkəranda görüşəcək. Buradan 100 maşınla dəstə bağlayıb gedir və qabağına kim keçirsə, maşına yığıb aparır. 30 nəfərlə görüşürsən, elə onları çağır, burada görüşün də. Buradan ora yüz nəfəri aparıb, yol hərəkəti qaydalarını pozub şou düzəltməkdə məqsədin nədir? Sonra da deyirlər ki, imkan verilmir. İmkan verilir, amma bu prosesi hər bir şəxs qanun çərçivəsində, qanuna hörmət etməklə, qanunun tələblərini yerinə yetirməklə həyata keçirməlidir.
Mən artıq dedim ki, Seçki Məcəlləsinin bəzi müddəaları ilə əlaqədar təkliflərim var. Düşünürəm ki, biz gələcəkdə bunları da nəzərə almalıyıq. Birinci təklif seçici siyahıları ilə bağlıdır. Bu siyahılar iki ay öncədən tərtib olunur. Lakin insan var ki, məsələn, hərbi xidmətdən qayıdır və yaxud  yaşayış yerini dəyişir və sairə. Həmin insanlar seçici siya-hısında öz əksini tapmadığı halda onların adının bu siyahıda bərpa olunması məhkəmə yolu ilə həyata keçirilməlidir. Seçki günü kim öz adını orada görməyəndə məhkəməyə müraciət edib, məhkəmənin qərarı əsasında adını siyahıya saldıracaq? Bu çətin bir prosedurdur. Mən hesab edirəm ki, burada biz müvafiq dəyişiklik edib əvvəlki qaydaya qayıtmalıyıq. Yəni şəxsiyyət vəsiqəsində göstərilən ünvan məntəqənin ərazisindədirsə, həmin şəxs  siyahıya əlavə olunmalıdır. Çünki onu səsvermə hüququndan heç kəs məhrum edə bilməz. Bu onun əsas hüquqlarından biridir.
İkinci təklif seçki qərargahları ilə bağlıdır. Bəzi par-tiyalarda indi  o qədər ştat qoyublar ki, heç adam tapa bil-mirlər o seçki qərargahlarına  təyin eləsinlər. Lakin bunun da hüquqi statusu Seçki Məcəlləsində yoxdur. Seçki Məcəl-ləsində səlahiyyətli nümayəndənin və vəkil olmuş şəxsin hüquqları göstərilir. Seçki qərargahının statusu Seçki Məcəlləsində öz əksini tapmalıdır ki, onun hansı statusa malik olduğu bilinsin. O, hüquqi şəxsdirmi və sairə. Bunların hamısı orada öz əksini tapmalıdır.
Üçüncü bir məsələ imza vərəqələri ilə bağlıdır. İmza və-rəqələrinin alınma və təhvil verilmə vaxtı var. Bu müddət ərzində imza toplama kampaniyası aparılmalıdır. Lakin Seçki Məcəlləsində göstərilir ki, imzanı atan şəxs gərək ora bir tarix də yaza. Onsuz da imza vərəqəsini verən də, qəbul edən də Mərkəzi Seçki Komissiyasıdır. İmza vərəqəsinin imza toplayan şəxs tərəfindən alındığı və təhvil verildiyi tarix də var. Daha hər gün o vərəqədə tarixi göstərməyin mənası nədir? Mənə elə gəlir ki, bunun heç bir mənası yoxdur. Ona görə də mən müvafiq maddənin o hissəsinin Seçki Məcəlləsindən çıxarılmasını məqsədəuyğun hesab edirəm.
Komissiyalara qaldıqda isə onlar ideal şəkildədir. Azər-baycanda olan komissiyalar heç bir yerdə yoxdur. Fransada seçkiləri Daxili İşlər Nazirliyi aparır. İstəyirsiniz, bizdə də seçkiləri Daxili İşlər Nazirliyi aparsın. Amerikada federal seçki komissiyasıdır, müstəqil şəxslər aparır. Polşada seçkiləri hakimlər həyata keçirir. Bütün variantları götürən-də məlum olur ki, Azərbaycandakı qədər demokratik təşkil olunan və parlamentdə təmsil olunan bütün partiyaların nümayəndələrindən formalaşdırılan seçki komissiyaları başqa heç bir yerdə yoxdur. Əksinə, onlar gərək bizdən nümunə götürüb özlərində belə bir demokratik komissiya yaratsınlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Şübhəsiz ki, mən də Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişikliklər edilməsi haqqında bu qanun layihəsinə səs verəcəyəm. Bunlar zəruri dəyişikliklərdir və bu qeydlərdə göstərildiyi kimi hər kəsin istirahət hüququnun qorunmasına və ondan geniş istifadə edilməsinə şərait yaradır.
Mən Siyavuş müəllimin qaldırdığı bir-iki məsələyə də münasibət bildirmək istəyirəm. Çünki belə bir təəssürat yaranır ki, seçkilərdə yalnız siyasi partiya mənsubları iştirak edirlər. Amma heç bir partiyaya mənsub olmayan bitərəflər, müstəqil insanlar da seçkilərdə iştirak edir və Milli Məclisdə təmsil olunurlar.
Seçkilərin müddəti, həqiqətən, seçki prosedurunun həyata keçirilməsi üçün müəyyən edilib. Kim ondan təbliğat aparılması üçün istifadə edirsə, bu onun öz işidir. Amma gərək seçicilərlə mütəmadi işləyəsən, il boyu onlarla bir yerdə olasan, qayğıları ilə maraqlanasan, onları narahat edən məsələləri qaldırasan və ictimaiyyətə tanınasan ki, seçki zamanı namizədliyin irəli sürülə və dəstək qazanasan. Yoxsa seçkilər elan olunur, kim isə öz namizədliyini verir. Düşünür ki, gedim indi mən təbliğat aparım, bir imic qazanım. Əlbəttə, belə bir şəxs seçkidə heç bir uğur qazana bilməz. Bu məsələdə mən Siyavuş müəllimlə tamamilə şərikəm.
Seçici siyahıları ilə bağlı məsələyə gəldikdə bizim bu yaxınlarda qəbul etdiyimiz bir qanunda göstərilir ki, bir var şəxsin yaşadığı yer üzrə qeydiyyatı, bir də var müvəqqəti olduğu yer üzrə qeydiyyatı. Mənə elə gəlir ki, seçici si-yahıları tərtib edilərkən bu müddəa nəzərə alınmalıdır. Yəni hər hansı bir vətəndaş əgər artıq müvəqqəti olduğu yerdə qeydiyyata alınıbsa, bu onun həmin ünvan üzrə seçki məntəqəsində seçici siyahılarına daxil edilməsi və orada səsvermədə iştirak etməsi üçün əsas olmalıdır.
Bu da çox yaxşı haldır ki, bələdiyyələrin torpaqlarında edilən dəyişikliklər bələdiyyə ərazisində yaşayan vətən-daşların 25 faizi civarında dəyişikliyə səbəb olduğu halda təkrar seçkilər keçirilir.
Amma məni bir məsələ düşündürür. Yüz minlərlə insan məcburi köçkün həyatı yaşayır və onlar öz bələdiyyələrini yaratmaq hüququndan məhrumdurlar. Bu hüquqlarla bağlı məsələlər dəfələrlə qaldırılsa da, insan haqları ilə məşğul olan beynəlxalq təşkilatlar bunların doğru olduğunu qəbul edir, amma heç bir əməli tədbir görmürlər. BMT-nin məlum qətnamələri qüvvədədir, amma icra olunmur. Halbuki başqa yerdə bir saatın içində yığışıb bir qətnamə və ya qərar qəbul edir, dərhal da icraya yönəldirlər. Amma Azərbaycanın 20 faiz ərazisi işğal olunub, yüz minlərlə insan ən elementar insan haqlarından məhrum edilib məcburi köçkün həyatı yaşayır, bununla bağlı heç bir tədbir görülmür.
Minsk qrupu yaradılıb. Minsk qrupunun missiyası bundan ibarətdir ki, xalqlar arasında etimadı, barışı, birgəyaşayışı təmin etsin və öz davranışı ilə göstərsin ki, bu regionda münaqişə nəticəsində əziyyət çəkmiş insanlar bir yerdə yaşaya bilərlər, bunlar arasında etimad da var. Vaxtilə Dağlıq Qarabağa və işğal olunmuş digər 7 rayona səfər edərkən onlar Azərbaycan ərazisindən keçdilər, getdilər, gəldilər. Bu, barışa, birgəyaşayışa aparan bir yoldur. Bu yolu Minsk qrupunun həmsədrləri açmalı, Azərbaycanın işğal olunmuş bölgələrinə məhz Azərbaycandan keçib gedərək o bölgələrdə yaşayan erməni əsilli vətəndaşlarımızla azərbaycanlılar arasında etimad körpüsü yaratmalıdırlar. Amma bunlar işğalçı ölkədən – Ermənistandan keçib gedirlər. Əsas səbəb də nədir? Ermənistan tərəfi onların təhlükəsizliyinə təminat vermir. Əgər işğalçı dövlət Minsk qrupunun həmsədrlərinə təminat vermirsə, azərbaycanlılara necə təminat verəcək?
Ermənilər Dağlıq Qarabağ ərazisində, digər 7 rayonda etnik təmizləmə həyata keçiriblər, azərbaycanlıları öldürüblər, yandırıblar, Xocalı soyqırımını törədiblər və bütün bunlara göz yumulub. Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş ərazilərinə birmənalı olaraq Azərbaycandan keçib getməlidirlər. Bu, seçicilərin tələbidir. Mən burada onların iradəsini ifadə edirəm. Tələb qoyulmalıdır – əgər siz, həqiqətən də, sülhməramlısınızsa, gəlin Azərbaycana, gəlin bu köçkünlərin şəhərciyinə, onlar o atəşkəs xəttindən bir neçə kilometr aralıda yaşayırlar. Onların gözü qarşısında o tərəfə keçin və bu etimad körpüsünü yaradın.
Avropa Şurası Parlament Assambleyasının hələ 2002-ci ildə qəbul etdiyi qətnamədə deyilir ki, məcburi köçkünlər öz yerlərinə qaytarılmalıdırlar. Amma o qətnamə bu günə qədər də icra olunmur, həyata keçirilmir. Mən hesab edirəm ki, Minsk qrupu həmsədrlərinin Azərbaycandan Dağlıq Qarabağa səfər etməsi bu yolun açılmasına, insanların tədricən öz yurd-yuvasına qayıtmasına, bu bölgədə yaşayan xalqlar arasında dostluğun, etimadın güclənməsinə təkan verərdi.
Azərbaycan–Yunanıstan parlamentlərarası işçi qrupunun üzvü kimi məni çox narahat edir ki, yunanıstanlı deputat xalqlar arasında dostluğu təbliğ etmək, barışa çağırışlar etmək əvəzinə irqçiliyi təbliğ edir, demokratiyanın qan üstündə qurulmasından danışır. Çox təəssüflər olsun ki, qan üstündə qurulmuş demokratiyanı mayak göstərən bu deputat tamamilə başqa bir təbliğatla məşğuldur və bu da heç zaman bölgədə sülhə gətirib çıxara bilməz. O bir yol göstərir – torpaqları işğalçı necə işğal eləyibsə, siz də gedin, işğalçıları oradan o cür qovun, silah götürün, qan tökün, qan üzərində öz demokratiyanızı qurun. Mənə elə gəlir ki, bu cür çağırışlara sərt cavab verilməlidir. İnsanların bu pozulmuş hüquqlarına bunlar nə qədər göz yumacaqlar?
Mən seçicilərim adından danışıram. Bu gün Minsk qrupu həmsədrlərinin nümayəndələri qarşısında bir tələb qoyul-malıdır: siz Azərbaycanın işğal olunmuş ərazilərinə ancaq Azərbaycandan gəlib keçərək ermənilərə və azər-baycanlılara göstərməlisiniz ki, bu yolu keçməklə atəşkəs xəttini etimad, dostluq xəttinə çevirirsiniz. Onda biz onlara icazə verməliyik ki, bu missiyanı həyata keçirsinlər. Əks halda nə qədər ki onlar işğalçı Ermənistandan ora səfər edirlər, bununla göstərirlər ki, siz düşmənsiniz, siz bir yerdə yaşaya bilməzsiniz.
Ona görə də mən hesab edirəm ki, ümumiyyətlə, Minsk qrupunun fəaliyyətinə qiymət verilməlidir. Seçicilərim bildirirlər ki, uzun müddət səbir ilə dözüblər, bundan sonra daha buna dözmək imkanları yoxdur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən son 10 il ərzində Azərbaycanda formalaşmış və  əslində, bütün seçki dövrünün sanki ayrılmaz hissəsinə çevrilmiş bir praktikaya diqqətinizi cəlb etmək istəyirəm. Bu da həmin dövrdə məcəllədə və ondan əvvəl müvafiq qanunlarda dəyişikliklərin edilməsidir. Bu təkcə ondan irəli gəlmirdi ki, ictimai-siyasi münasibətlər inkişaf edir, dövlət–vətəndaş əlaqələri fonunda biz bu dəyişiklikləri görür və bunu hüquqi sistemə gətirirdik. Daha artıq dərəcədə sanki bir beynəlxalq iradə özünü göstərməyə başlayırdı və biz də hansısa formada onlarla hesablaşırdıq. Mənə elə gəlir ki, bu tendensiyanı, nəhayət, dayandırmaq lazımdır. Məcəlləyə dəyişiklik etmək zərurəti yaransa belə, bu, seçki ilində, hətta seçkiyə bir neçə ay qalmış baş verməməlidir. Çünki bu bütün hallarda ictimai qüvvələri, ayrı-ayrı siyasi dairələri hərəkətə gətirməyin, onları aktivləşdirməyin, bir sıra hallarda siyasi təlimatlandırmağın ayrılmaz hissəsinə çevrilir. Ona görə də mən, – baxmayaraq ki, indiki dəyişikliklər sırf texniki xarakterlidir, – gələcəkdə Seçki Məcəlləsində dəyişikliklərin seçki ilində edilməsi praktikasına son qoyulmasını arzulayıram. Çünki bu bütün hallarda xarici təşkilatların Azərbaycan üzərində apardığı siyasətin tərkib hissəsi kimi görünür. Bir sıra hal-larda bu alınır, onların iradəsi hansısa formada  üstünlük qazanır.
“Seçki müddətlərinin azaldılması demokratiyanın məh-dudlaşdırılması elementidir”. Bu ifadəni biz parlamentdə keçmiş dövrdə də çox eşitmişik. Həmin qanunvericilik aktı dəyişdirilərkən də çoxlu polemikalar olmuşdu. Mən is-təyirəm ki, bu qanun müddəaları dəyişdiriləndən sonrakı praktikaya hər kəsin diqqətini cəlb eləyim. Bir seçki dairəsindəki vəziyyət başqa dairələrdə də özünü göstərib. Bu ümumi tendensiyadır. Ona görə də bunu ciddiyə ala bilərik.
Seçki müddətinin 23 günə endirilməsinə qarşı olanlar, – bilirsiniz ki, müddət iki ay idi və prosesə sentyabrın 8-də start verilmişdi, – bu kampaniyaya 12 gün sonra, sentyabrın 20-dən qoşuldular. Mən bunu sənədlə ortaya qoya bilərəm. Bütün bu məlumatlar Mərkəzi Seçki Komissiyasının infor-masiya arxivində də qorunub saxlanılır. 16 günə 400 imza toplandı. Yəni böyük xalq dayaqlarına malik olduqlarını, çoxsaylı narazı kütlələrin onların ətrafında təmərküzləşdiyini deyən adamlar 16 günə ancaq bu qədər imza topladılar. Seçkiqabağı təşviqat oktyabrın 15-dən start götürürdü. Amma bir çox dairələrdə müxalif qüvvələr təşviqat kampaniyasına ayın 28-dən, 30-dan başladılar.
Seçkinin  kampaniya dövrünün demokratiya ilə əlahiddə bir bağlılığı yoxdur. Çünki  buna qədərki dövrdə hər bir siyasi qüvvə özünün ideyalarını, platformasını cəmiyyətə çıxara bilir. Digər tərəfdən, həmin müddət imkan verir ki, konkret şəraitdə seçicilərlə fəal işləyəsən, öz qüvvələrini səfərbər edəsən və seçkidə ciddi bir müqaviməti təşkil elə-yəsən. Ona görə də mən hesab edirəm ki, müddət çox nor-maldır. Seçki müddətinin daha artıq olduğu dövrdə maraq-ların sanki daha artıq dərəcədə toqquşmasının və bunun Azərbaycanın canından bir ağrı kimi çıxmasının şahidi olurduq. Mən demirəm, müddətin azaldılması bu ağrıya təsir edir. Ancaq bir faktdır ki, seçki ilində Azərbaycan üzərində qurulan eksperimentlərə elə bu az müddət də xeyli təsir eləmiş olur.
Burada başqa bir məsələ qaldırıldı – müxalifət üzvlərinin seçki komissiyalarında təmsilçiliyi məsələsi. Əvvəla, dünyada elə bir model yoxdur ki, seçkidə bir partiya qalib gələ, hakim partiyaya çevrilə, amma sən onu seçki sistemlərində oyundankənar vəziyyətə salasan, üstünlüyü öz əlinə alasan və yalnız müxalif qüvvələrdən ibarət komissiyalar formalaşdırasan. Əlbəttə, mən elə hesab etmirəm ki, indiki komissiya formatı bu formatların ən mükəmməlidir. Yalnız ona görə ki, məsələn, parlament yalnız bir partiyadan, yalnız bitərəflərdən və sairdən də ibarət ola bilər. Nəzəriyyədə bu fikrin yaşamaq haqqı var. Belə olan təqdirdə komissiya hansı formatla formalaşacaq? Belə çıxır ki, onda biz aralıq dövr üçün yeni formatlar seçmiş olacağıq. Yəni biz bu işdə bir prinsip saxlanmasını və daimi bir format seçilməsini istəyiriksə, onun üçün də düşünməliyik. Amma yenə deyirəm, bu, 2013-cü ildən sonra baş verməlidir.
Burada biz üçüncü prezidentlik dövrü əleyhinə müxtəlif kampaniyalar aparan qüvvələrə də  kiçik bir reaksiyamızı bildirməliyik. Birincisi, bu, referendumdan sonrakı dövrdə artıq lüzumsuz polemikadır. Çünki artıq xalq iradəsi Konstitusiya ilə təsbit olunub. Ən ali iradə xalqın iradəsi, xalqın mövqeyi, xalqın səsidir. Bu hətta Konstitusiyada deyilir. İkincisi, bu müddəaya görə dünya demokratiyasına istinad edənlərə xatırlatmaq istəyirəm. Məsələn, Amerika Birləşmiş Ştatlarında bu tendensiya ötən əsrin ortalarından başlanmışdı. Ruzvelt ölkəni ən ağır iqtisadi böhrandan çıxararaq üç dəfə  prezident seçildi. Onun dövrü  Amerika-nın həyatında “qızıl dövr” kimi xarakterizə olunur. Dör-düncü dövrdə artıq həyatını itirdi. Trumen gələndən sonra bu məsələ demokratiya ilə bağlı bir tələb, insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi deyil, daha çox başqa maraqlara, partiyalararası savaş nöqteyi-nəzərindən gün-dəmə gəlmişdi. Əgər onun demokratiya ilə bağlılığı vardısa, Martin Lüter Kinq qaradərililərin azadlığı uğrunda niyə vuruşurdu ki? O, yalnız 1967-ci ildə öz həyatını, bildiyim qədər, aprelin 4-də itirərək bu gün Barak Obamanın yolunu açdı və necə deyərlər, o haqqı qazandı.
Görəsən, seçki təntənəsindən, demokratiyasından danış-anlar dünya təcrübəsində mövcud olan başqa nümunələrdən niyə danışmırlar? Niyə, məsələn, Yunanıstanda baş nazir 9 dəfə, Almaniyada 7–8 dəfə, qardaş Türkiyədə 4–5 dəfə seçilə bilər, Azərbaycanda Prezident üçüncü dəfə seçilə bilməz? Onun üçüncü dəfə seçilmək haqqının olmadığını mənə kim sübut eləyə bilər? Özü də bu bir şəxsin haqqı olmaqdan daha çox toplumun və cəmiyyətin haqqıdır. Üçüncü dövr prezidentliyə gedən insan bundan əvvəlki illərin də məsuliyyətini daşıdığından daha artıq dərəcədə məsuliyyət yükünün altına girmiş olur. Ona görə də kimsə bu barədə özünün yanlış mövqeyini hazırkı dövrdə cəmiyyətə qəbul etdirə və beynəlxalq qüvvələrin hansısa ssenarisini həyata keçirə bilməz.
Bir daha deyirəm, fərq nədir, onu mənə kimsə göstərsin. Parlamentli üsuli-idarədə baş nazir 5 və ya 7 dəfə seçilir. Həmin şəxsin kabineti formalaşır. O, hökuməti özü yaradır, özü idarə edir, dövlətin fəaliyyəti onun siyasətindən qay-naqlanır və sair. Ona görə də Azərbaycana sırf bir Avropa modeli ixrac eləməklə, Qərb üsuli-idarəsinin eynisini gətir-məklə bu bölgədə sülhün, birgəyaşayışın bərqərar olacağını düşünmək sadəlövhlükdür. Bunlar yanlış nəzəriyyələrdir. Bunun ağır nəticələrini Saakaşvili öz həyatında yaşayır, hələ təkcə özü və partiyası yaşasa, dərd yarıdır, məncə, onun xalqı da yaşayacaqdır. Ona görə mən, hörmətli Ziyafət müəllim, bu dəyişiklikləri məqbul sayıram.  
Bircə əlavəni də qeyd edim. Ötən dövr ərzində biz burada Qarabağın Xankəndi dairəsini də yaradaraq, bütün inzibati ərazi quruluşunu əhatə eləməyə çalışmışdıq. Xatır-layırsınızsa, biz bu qurumda 124 parlament üzvü ilə təmsil olunurduq. Bu, sanki ermənilərə saxlan mış bir yer idi. Sonradan “hər hansı bir erməni Azərbaycan Konstitusiyasını və  qanunlarını tanıyır və qəbul edirsə, gəlsin, iştirak etsin” prinsipinə  söykəndik və nəhayət, bu yerdən də parlament üzvləri seçilir.
Hörmətli Ziyafət müəllim, Siz peşəkar hüquqşünassınız. Mənim fikirlərimi daha məqbul saymaq yönündə bunu söyləyirəm. Qarabağa hansısa bir aralıq status verilməlidir. Söz yox ki, ermənilər qəbul etməyəcəklər və sair. Ermənilər seçki elan edirlər, özlərinin saxta parlamentlərini, müxtəlif sistemlərini qururlar. Biz isə bunun qanunsuz olduğunu deyir və bunu onların bizim qurumlar tərəfindən formalaş-dırılmadığı ilə əsaslandırırıq. Amma bu da elə gözgörəsi bir pat vəziyyətinə çevrilib. Mən demirəm ki, biz Dağlıq Qarabağı muxtar vilayət adlandırmalıyıq, muxtar respublika saymalıyıq, amma bir aralıq status bəyan eləməli və orada seçkiləri keçirmək hüququnun özümüzə məxsus olduğunu bəyan eləməliyik. Keçirməliyik ayrı bir söhbətdir. Gün təyin edərik, keçirmərik, bu yenə də dövlətin üzərində  və millətin haqqı kimi qalar. Amma mən çox arzulayıram ki, bizim dövləti, hüquqi, siyasi beyinlər bu məsələ üzərində düşünsünlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə.Əhmədov. Sağ olun, təşəkkür edirəm, Ziyafət müəllim. Mən də hesab edirəm ki, təklif olunan dəyişiklik kifayət qədər məntiqlidir və bu barədə diskussiya aparmağa ciddi ehtiyac yoxdur. Eyni zamanda, çıxışlarda da mövzu ilə əla-qədar olmayan söhbətlərin çox yer alması diqqəti xeyli azaltdı. Ona görə də mən konkret şəkildə qısa olaraq bir-iki məsələyə  münasibətimi bildirmək istəyirəm.
Məxsusi olaraq burada İqbal Ağazadə tərəfindən qaldırılmış Azərbaycanda Seçki Məcəlləsinin yeniləşdiril-məsi, dəyişdirilməsi məsələsinə münasibətimi bir daha ifadə etmək istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycanda Seçki Məcəlləsi 10 il bundan əvvəl qəbul olunub, bir neçə dəfə dəyişdirilib, təkmilləşdirilib və nəhayət, xalqın iradəsinin düzgün əks etdirilməsinə imkan yaradan Seçki Məcəlləsi təsdiq edilib, formalaşıb. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, bəzilərinin düşündüklərindən tamamilə fərqli olaraq Seçki Məcəlləsi, seçki qanunvericiliyi bu və ya digər partiyanın seçkidə qələbəsini təmin edən amil deyildir. Kimsə Seçki Məcəlləsinə bu cür yanaşırsa, tamamilə səhv bir mövqedə dayanır.
Seçki kampaniyası üçün ayrılmış müddətin azlığı məsə-ləsinə münasibət bildirmək istəyirəm. Bu məsələyə təkcə Azərbaycan üçün deyil, bütövlükdə dünya praktikası kon-tekstində yanaşıldı, kifayət qədər optimal müddət müəyyən edilib. Seçki müddətinin 4 ayadək qısaldılması ilə əlaqədar müzakirələr gedərkən apardığım araşdırmalar nəticəsində məlum oldu ki, 4 ay müddətində seçki keçirilən bir ölkə yoxdur. Heç 3 ay müddətində seçki keçirilən ölkəni də tap-maq mümkün olmadı. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda təxminən 5 və ya 5,5 milyon seçici var. Seçicilərinin sayı 50 milyon, 100 milyona yaxın olan ölkələr var. Əgər məsələyə bu məntiqlə yanaşmalı olsaq, onda gərək seçicilərinin sayı, ərazisi Azərbaycan seçicilərinin sayından, ərazisindən on dəfə artıq olan ölkələrdə ilboyu seçkilər davam etsin.
Bir məsələni də qeyd etmək istəyirəm. Azərbaycanda 5 illik sikl ərzində üç seçki keçirilir. Prezident, parlament, bələdiyyə seçkiləri, bunun hər biri 3–4 ay olsa, belə çıxır ki, hər beş ilin bir ilini Azərbaycan seçki keçirməklə məşğul olmalıdır. Bütün bunlar onu göstərir ki, iki aylıq müddət kifayət qədər optimal bir seçki kampaniyası müddətidir. Bu müddətdə həm namizədlərin qeydə alınması mümkündür, həm də seçki kampaniyasında iştirak edənlər öz platformalarını seçicilərin diqqətinə çatdırmaq imkanları əldə edirlər. Zaman dəyişir, yeni texnologiyalar meydana gəlir. Fikirləri insanların diqqətinə, seçicilərə çatdırmaq üçün geniş imkanlar mövcuddur.
Mərkəzi Seçki Komissiyasında təmsil olunma ilə əlaqədar İqbal Ağazadənin səsləndirdiyi fikirləri mən qəbul etmək istəmirəm. Onların hər biri üçün seçki qanunvericiliyində nəzərdə tutulmuş yerlər var. Əgər bu yerlərdə təmsil olunmayıblarsa, hesab edirəm ki, orada başqa məqamlardan söhbət gedə bilər. Qeyd etmək istəyirəm ki, vaxtilə müxalifət partiyaları seçki komissiyalarında onlar üçün nəzərdə tutulmuş yerlərdə iştirak etməməklə bütövlükdə seçki kampaniyasının gedişatını pozmaq taktikasından istifadə etmək istəyirdilər. Mən bilmirəm, indiki halda bu taktika yenə də tətbiq olunur, yoxsa yox? Amma düşünürəm ki, gərək onlar özləri bu barədə fikirləşsinlər. Qanunda hər kəsin yeri müəyyənləşdirilib və onların da öz yerlərindən istifadə etmələrinə hər hansı bir əngəl yoxdur və kimsə bunu əngəl-ləmək imkanına malik deyil.
Yeni Azərbaycan Partiyasının yerlərdə görüşlər keçir-məsinə qısqanclıqla yanaşırlarsa, mən belə hesab edirəm ki, bu onların qarşısında duran problemləri həll etməyə kömək etməyəcəkdir. Yeni Azərbaycan Partiyası təkcə indi deyil, bütün ilboyu, mövsümi olaraq yox, seçkilər ərəfəsində deyil, həmişə mütəmadi olaraq öz partiya üzvləri ilə görüşlər keçirir. Bu görüşlər indi də keçirilir. Söhbət yalnız partiyanın üzvləri ilə olan görüşlərdən gedir. Seçki kampaniyası zamanı isə fərqli bir mənzərə yaranacaq. Təbiidir ki, biz geniş seçki kampaniyası aparacağıq.
Mən İqbal Ağazadənin nəzərinə çatdırmaq istəyirəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri 600 və ya 6000 deyil, 600 min nəfərdir. Əlbəttə, belə böyük bir partiyanın çoxlu sayda üzvləri ilə mütəmadi olaraq görüşlərə ehtiyac yaranır. Biz bu ehtiyaclara uyğun  şəkildə də görüşlərimizi keçiririk, partiyadaxili məsələlərimizi həll edirik. Təbiidir ki, partiya daxilində partiya üzvlərinin fəalları ilə, eyni zamanda, qarşıdan gələn seçki kampaniyasına hazırlıq məsələləri də müzakirə olunur. Bu, Yeni Azərbaycan Partiyasının və onun fəallarının hüquqları kimi qiymətləndirilməlidir. Mən təklif olunan dəyişiklikləri kifayət qədər məntiqli sayıram və hörmətli millət vəkillərini həmin dəyişikliklərə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Hörmətli deputat həmkarlarım, hesab edirəm, mövqelər kifayət qədər məlum-dur. Əgər etiraz eləmirsinizsə... Çingiz müəllim, təkid edir-siniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Çingiz Qənizadə.
Ç.Qənizadə. Mən bütün həmkarlarıma hörmətlə ya-naşıram və sizdən bir xahişim var. Gündəlikdə təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərimizi bildirək. Bizi məcbur etməyin ki, 10 dəqiqəyəcən kənar fikirlərə qulaq asaq. Mahiyyəti üzrə heç kim danışmır. Hərə nə istəyirsə, danışır, sonda da bir cümlə ilə deyir ki, normal qanun layihəsidir. Xahiş edirəm, bizi əlavə sözlərə qulaq asmağa məcbur eləməyin. 
Sədrlik edən. Aydındır, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.37 dəq.)
 Lehinə  88
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layi-həsidir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, Cinayət Məcəlləsinə təklif olunan dəyişiklik qüvvədə olan “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mü-barizə haqqında”, o cümlədən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunların tətbiqi ilə bağlıdır. Qeyd etmək istəyirəm ki, əslində, məcəlləyə yeni 205-2-ci mad-dənin əlavə olunması təklif edilir: “Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı” cinayətinə aid sanksiyalar, hesab edirəm ki, həmin bu cinayət əməlinə adekvatdır. Maddənin birinci hissəsində cərimə və islah işləri, amma külli miqdarda ziyan vurulmaqla və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə artıq hətta 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Hesab edirəm ki, bu sanksiya törədilən cinayət əməlinə adekvatdır və parlament tərəfindən qəbul oluna bilər.
Sədrlik edən. Əgər çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.39 dəq.)
 Lehinə  90
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Burada edilən əlavə və dəyişikliklər, yenə də qeyd etdiyim kimi, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun və digər qanunların tətbiqi ilə bağlıdır. Tamamilə oxşar mə-sələlərdir. Burada yeganə fərqli məsələ budur ki, İnzibati Xətalar Məcəlləsinə 205-1-ci maddə əlavə olunur və burada cərimə sanksiyaları nəzərdə tutulur. Amma eyni zamanda, adıçəkilən qanundakı “nəzarət markası” anlayışı həmin qanunlarda olduğu kimi, İnzibati Xətalar Məcəlləsində də verilir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Rəbiyyət xanım, Hadi müəllim, sizin əlavəniz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Buyurun, qanun layihəsinə mü-nasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.40 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti, altıncı məsələ Azərbaycan Respublikasının Ci-nayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Yenə komitə sədri Əli Hüseynli. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli millət vəkilləri, Zi-yafət müəllim, mən üzr istəyirəm, Cinayət Məcəlləsi haq-qında əvvəl məruzə etdiyim məsələ altıncı məsələ imiş, indi mən dördüncü məsələni nəzərinizə çatdırmağa məcburam. Texniki bir anlaşılmazlıq oldu. Xahiş edirəm, nəzərə alasınız.
Cinayət Məcəlləsinin “Oğurluq” adlanan 177-ci mad-dəsinə əlavə olunması təklif edilir. Təklif olunur ki, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə oğurluq törədildikdə, bu əməllər oğurluq cinayətinin dispozisiyası hesab olunsun. Əsaslandırma ondan ibarətdir ki, hər iki halda ictimai təhlükəlilik dərəcəsi və bu cinayətlərin miqyasının artması, ciddi ziyan vurulması nəzərə alınmalı və belə hallar da Cinayət Məcəlləsində kriminallaşdırılmalıdır. Hesab edirəm ki, bu, müasir dövrdə Azərbaycan üçün kifayət qədər ciddi bir məsələdir və biz bunu nəzərə almalıyıq.
Sədrlik edən. Çingiz Qənizadə, buyurun.
Ç.Qənizadə. Təşəkkür edirəm. Cinayət Məcəlləsinin 177-ci maddəsində edilən dəyişikliklər, hesab edirəm ki, bu qanundakı boşluğu dolduracaq. Mən qısa bir faktı həmkar-larıma çatdırmaq istəyirəm. Bu boşluq nədən ibarətdir? Mən Almaniyada aeroportda olarkən Bakıda mənim bank hesabımdan 100 manat bir, 150 manat bir pul çıxarıldı. Düzdür, hüquq mühafizə orqanları həmin adamı tapdı. Bu şəxs evində oturaraq bank əməliyyatı etmişdi. Sadəcə olaraq, mənə SMS gəldi, mən bunu bildim. Amma onun əməlini tövsif etməkdə  polis orqanları çox çətinlik çəkirdi. Mən bu prosesi izləyirdim və sonra məlum oldu ki, epizodların sayı çoxdur. Ona görə onu hər halda məhkəməyə göndərə bildilər. Bu maddə olsaydı, hesab edirəm, hətta bir epizod da olsa belə, hüquq mühafizə orqanlarının işi asanlaşardı. Bu baxımdan mən belə bir dəyişikliyi məqbul hesab edirəm. Düşünürəm ki, qanundakı boşluq doldurulub. Həmkarlarımı səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.43 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda də-yişiklik edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bu dəyişiklik qanunvericiliyin dəqiqləşdirilməsi xarakteri daşıyır. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda “pirat məhsulu” anlayışını vermişdik. Amma “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunda pirat məhsulun beynəl-xalq standartlara uyğun anlayışı verilir. Ona görə də bu dəyişiklik “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”  Qanundakı “pirat məhsulu” anlayışının xüsusi qanundakı anlayışa uyğunlaşdırılması məqsədi daşıyır. Hesab edirəm ki, bu çox düzgündür. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Rəbiyyət xanım, buyurun.
R.Aslanova. Təşəkkür edirəm, Ziyafət müəllim. Biz, adətən, milli qanunvericiliyin zənginləşməsindən danışanda, bu və ya digər dəyişiklik edəndə əhəmiyyətli, mahiyyət etibarilə çox ciddi dəyişiklikləri nəzərdə tuturuq. Mən hələ də bu dəyişikliyi başa düşə bilmirəm. Əvvəla,  “hüquq sahibinin razılığı olmadan” sözləri yazılıb. Hüquq sahibinin və ya hüquqi sahibininmi?
İkincisi, burada “istehsal edilən” və “hazırlanan” söz-lərinin mahiyyətində nə dəyişiklik var? Bu nə deməkdir? Əli müəllim söylədi ki, qanun digər bir qanuna uyğunlaşdırılır. İndi, bilmirəm, bu nədir? Yəni “hazırlanan”, “istehsal edilən” sözləri ilə heç nə dəyişmir. Əgər heç bir şey dəyişmirsə, mahiyyət etibarilə ciddi bir dəyişiklik yoxdursa, ümumiyyətlə, bu qanun layihəsinə nə ehtiyac var? Eyni məsələlər “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanunda da var. Belə dəyişikliklərdən qanun, yaxud həmin qanundan bəhrələnən insan nə qazanır? Mən bunu başa düşə bilmirəm. Mən xahiş edərdim ki, bu, aydınlaşdırılsın.
Sədrlik edən. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Ziyafət müəllim. Belə bir qanunu qəbul etmək çox gözəldir. Amma çox qəribədir ki, Azərbaycanda olan piratçılıq  dünyada birinci yeri tutur. Bu günə qədər mən piratçılıqla bağlı yalnız Vergilər Nazirliyinin apardığı hansısa reyddə pirat üsulu ilə çoxaldılmış əsərlərin yandırılması, məhv edilməsinin şahidi olmuşam. Amma piratçılığa görə kiminsə cəzalandırıldığının, məsuliyyətə cəlb olunduğunun şahidi olmamışıq. Azərbaycanda, demək olar ki, bütün yazıçıların, şairlərin haqqı-hüququ tapdalanır. Özü də təkcə Azərbaycanda yox, qardaş Türkiyədə bizim, türklərin də burada hüquqları tapdalanır. Onlar bizim hüquqlarımızı tapdaladıqları kimi, biz də onların hüquqlarını tapdalayırıq.
Çox istərdim ki, piratçılığa qarşı mübarizə gücləndirilsin. Sözün dəyişdirilməsi ilə dünya düzəlməyəcək, amma mü-barizə aparsaq, hamıya, həm də Azərbaycan dövlətinə xeyri olar. Azərbaycanın   bütün yazıçılarının Türkiyədə hər il bəlkə onlarla, yüzlərlə kitabı çıxır, o cümlədən onların da burada, biri də bir manat pul ala bilmir. Çox istərdim, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bununla məşğul olsun və piratçılığa son qoyulsun. Yoxsa qanun qəbul edilir, ancaq bu dəqiqə haraya getsəniz, yüzlərlə, minlərlə pirat kitab da, filmlər də, musiqi diskləri də taparsınız. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Şəmsəddin Hacıyev.
Ş. Hacıyev. Çox sağ olun, cənab Sədr. Mən ona görə çıxışa yazıldım ki, Rəbiyyət xanımın burada səsləndirdiyi suala da cavab verim. Qanun layihəsi qüvvədə olan iki qanunun bir-birinə uyğunlaşdırılmasını nəzərdə tutur. Bu qanunlar hansılardır? “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanundur ki, 1996-cı ildə qəbul olunub. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanundur ki, bu da 2012-ci ildə qəbul olunub.
Əsas məsələ “Əsas anlayışlar” hissəsində 4-cü bənddə “pirat məhsulu” termininin daha düzgün ifadə olunmasıdır, daha  doğrusu, digər qanunda verilən anlayışın burada təkrar düzəldilməsidir, dəyişiklik edilməsidir. Əvvəlki qanunda belə yazılmışdı: “müəllifin və ya əlaqəli hüquqların sahibinin razılığı...” Bu cümlə “hüquq  sahibinin razılığı” sözləri ilə əvəz olunur. Bu da tamamilə təbiidir, müəllifin özü də hüquq sahibidir. Bir də, bu cümləyə yalnız bir söz əlavə edilməklə, pirat məhsulunun yalnız istehsalı yox, həm də yayılması, yəni yayılan əsər və fonoqramlar nəzərdə tutulur.
Hesab edirəm ki, qanunların bir-birinə uyğunlaşdırılması, eləcə də əqli mülkiyyət haqqında qanunvericiliyin təkmilləşdirilməsi və möhkəmləndirilməsi baxımından  edilən dəyişikliklər tamamilə əsaslıdır və millət vəkillərindən xahiş edərdik ki, bu qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Çox sağ olun.  Əli müəllim, əlavəniz var?
Ə.Hüseynli.  Cənab Sədr, baxmayaraq ki, biz bu gün Av-ropa Şurasını, Avropa Parlamentini çox tənqid etdik, amma həmin parlamentlərin müzakirələrində bir çox müsbət mə-qamlar var. Bu cür texniki məsələlər,  ümumiyyətlə, müza-kirə olunmur, ancaq təsdiq  edilməyə çıxarılır. Hesab edirəm ki, elə olarsa, vaxta çox qənaət edə bilərik. Üstəlik, onu da nəzərə alaq ki, artıq “Normativ hüquqi aktlar haq-qında” Qanuna görə  biz millət vəkillərinə paylanan layihə-lərdə əsasnaməni də yazılı şəkildə təqdim edirik. Çox sağ olun.
Sədrlik edən. Mən Sizinlə tamamilə razıyam. Xahiş edirəm, qanunda dəyişikliyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.50 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə-dir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Nəşriyyat işi haqqında” Qanuna təklif olunan dəyişikliklər bu qanunun “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır və nəşriyyat işi sahəsində  əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsinə, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunma-sına və bu sahədə hüquqpozmaların qarşısının alınmasına yönəldilmişdir.
“Əsas anlayışlar” adlanan maddəyə “kitabın pirat nüsxəsi” barədə  mətn əlavə edilir.
Eyni zamanda, “Nəşriyyat işi sahəsində əqli mülkiyyət hüququ” adlanan 19-cu maddəyə bir bənd əlavə olunur.  Həmin bəndin məzmunu bundan ibarətdir: “Nəşriyyat  işi sahəsində əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən əqli mülkiyyət obyektlərinin  elektron və kağız daşıyıcılarda nüsxələrinin qeyri-qanuni hazırlanması (istehsalı) və yayılmasının  qarşısının alınması ilə bağlı yaranan münasibətlər “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”. Millət vəkillərindən xahiş edirəm ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.53 dəq.)
 Lehinə  90
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyurun, Nizami Cəfərov.
N.Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Əslində, 5 qanunda eyni şəkildə dəyişikliklər edilir. Sadəcə olaraq, burada bir söz artırılır. Əvvəlki variantda pirat məhsulları ilə bağlı “istehsal olunan və ya yayılan” sözləri “hazırlanan (istehsal edilən)” sözləri ilə əvəz edilir. Çünki elə folklor nümunələri var ki, orada istehsaldan söhbət gedə bilməz, sadəcə, müxtəlif formalarda hazırlana bilər. Xahiş edirəm, qanun layihəsinə səs verəsiniz.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət  bildirək.

Səsvermənin nəticələri  (saat 13.54 dəq.)
 Lehinə  90
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Görürəm, İmamverdi İsmayılov çox fəal iştirak edir.  Hörmətli millət vəkilləri,  7 məsələmiz qalıb, biri qanun la-yihəsidir. Əgər həqiqətən, texniki dəyişikliklərin müzaki-rələri qısa olacaqsa, fasiləsiz işləyə bilərik. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  10-cu məsələ “Məlumat toplularının hü-quqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Şəmsəddin Hacıyev.
Ş.Hacıyev, Milli Məclisin Elm və təhsil  komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr.  Bu qanun layihəsi də artıq qüvvədə olan qanunların bir-birinə uyğunlaşdırılmasını nəzərdə tutur. Konkret olaraq “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1,2 və 3-cü bəndlərində, eləcə də 18-ci maddəsinin 2 və 4-cü bəndlərində dəyişikliklər edilməsi nəzərdə tutulur. Konkret olaraq  14-cü maddədə məlumat toplularının hansılarının pirat nüsxəsi sayılması, bunların müsadirə qaydası, eyni zamanda, məhkəmə qaydası ilə müsadirəsi, pirat nüsxələrinin hazırlanmasında və yayılmasında istifadə olunan materialların, avadanlıqların məhv, eləcə də müsadirə edilməsi məsələsi ilə əlaqədar redaktə xarakterli dəyişikliklər aparılır. 
18-ci maddədə nəzərdə tutulan dəyişikliyi artıq Nizami müəllim söylədi. Bu qanunda da eyni dəyişiklik nəzərdə tutulub: “istehsalı” sözü “hazırlanması (istehsalı)” sözləri ilə əvəz olunur. Hesab edirik ki, qanunların bir-birinə uyğunlaşdırılması və təkmilləşdirilməsi istiqamətində edilən dəyişiklikdir. Bu qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilib, bir səslə qəbul olunub. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə səs versinlər, dəstək olsunlar.  Çox sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.57 dəq.)
 Lehinə  91
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, fasiləsiz işləmək saat 3-ə kimi işləmək demək deyil. “Korrupsiyaya qarşı mübarizə haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Əli Hüseynli danışacaq.
Ə.Hüseynli. Çox sağ olun.  Cənab Sədr, 11, 12 və 13-cü  məsələlər cənab Prezident tərəfindən bir zərflə təqdim olunub. İcazə versəniz, üçünü də məruzə edərdim. 
Birinci, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haq-qında qanun layihəsidir.  Bildiyiniz kimi, Cinayət Məcəllə-sində həm də müəyyən saata qədər islah işləri cəzası mövcuddur. Təklif olunur ki, bir çox maddələrdə islah işlərinin müddəti artırılsın. Hesab edirəm ki, bu, düzgün təklifdir. Burada azadlıqdan məhrumetmənin müddəti artırılmır, islah işləri saat hesabı ilə bir neçə dəfə artırılmış olur. Mən bu təklifi dəstəkləyirəm. İnanıram ki, siz də müdafiə edəcəksiniz.
İkinci, 12-ci məsələ, qeyd etdiyimiz kimi, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda edilən dəyişikliklə bağ-lıdır.  Bu dəyişikliyin səbəbi “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun Cinayət Məcəlləsinə uyğunlaşdırılma-sıdır.  Ümumiyyətlə, korrupsiyadan danışanda hər zaman cinayət tərkibi yaradan əməllər yada düşür. Amma  kor-rupsiya zamanı həm də cinayət tərkibi yaratmayan hüquq-pozmalar da ola bilər. Misal üçün, süründürməçilik korrup-siya hüquqpozmasıdır, amma cinayət tərkibi yaratmır. Bu baxımdan Cinayət Məcəlləsində verilən anlayış daha dəqiqdir. Ona görə də “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun Cinayət Məcəlləsinin 99-4-cü maddəsinə uyğunlaşdırılır. Texniki dəyişiklikdir, amma mahiyyətini qısaca qeyd etdim.
 Nəhayət, bu zərfdə olan 3-cü məsələ “Dövlət sirri haq-qında” Qanunda edilən dəyişiklik haqqındadır. Burada məqsəd “Dövlət sirri haqqında” Qanunla Cinayət Məcəlləsi arasında uyğunluq yaratmaqdır. Söhbət ancaq “hüquqi şəxslər” anlayışının “Dövlət sirri haqqında” Qanunun 30-cu maddəsinə əlavə olunmasından gedir.
Bütövlükdə hesab edirəm ki, hər üç layihə səsə qoyulub qəbul edilə bilər.
Sədrlik edən. Çox sağ olun.  Kamilə Əliyeva.
K.Əliyeva. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Korrupsiyaya qarşı mübarizə haqqında”  Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinə  dair mən öz fikrimi bildirmək istəyirəm. Bu gün möhtərəm Prezident cənab İlham Əliyevin fərmanı ilə yaradılmış Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin sədri olduğu Korrupsiyaya qarşı mübarizə komissiyası və Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi bu işdə çox səmərəli və məqsədyönlü işlər görür. Bildiyimiz kimi, görülmüş tədbirlər nəticəsində neçə qanun pozuntusunun qarşısı alınmış, qanunu pozmuş istər məmurlar, istərsə də vəzifəli şəxslər ifşa olunmuş və məsuliyyətə cəlb edilmişlər. Qeyd edilən qurumların həyata keçirdikləri işləri diqqətlə izlədikdə görürük ki, doğrudan da, onlar hüquqpozmaların qarşısını almaqla yanaşı, qanuna riayət etməyə, vicdanlı işləməyə və sadə insanların problemlərinin həll edilməsinə yardımçı olurlar.
Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələdə öz qəti mövqeyini dəfələrlə bildirmişdir. Biz bunun ölkə başçımızın istər Nazirlər Kabinetinin yığıncağında, istər yerli icra hakimiyyəti başçıları ilə, istərsə də sadə insanlarla görüşlərində dəfələrlə şahidi olmuşuq. Mən seçicilərimlə hər dəfə görüşəndə əmin oluram ki, sadə insanlar bütün məsələlərdə olduğu kimi, bu məsələdə də möhtərəm Prezident cənab İlham Əliyevi dəstəkləyir və ona öz minnətdarlıqlarını bildirirlər. Bugünkü dəyişikliyə mən də qoşuluram. Qanunda edilən dəyişikliyi bəyənirəm və həmkarlarımı da bu dəyişikliyə səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hör-mətli millət vəkilləri! Qeyd etmək istəyirəm ki, bu gün öl-kəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə çox sürətli və hərtərəfli şəkildə aparılır. Azərbaycan inkişaf et-miş ölkələrin bu sahədə təcrübəsini öyrənir və eyni zamanda, tətbiq edir. Azərbaycanın bu məsələdə uğuru isə onunla bağlıdır ki, ölkədə belə əməllərə qarşı mübarizə təkcə cəza və inzibati tədbirlərlə aparılmır, eyni zamanda, institusional islahatların reallaşdırılması ilə də korrupsiya və rüşvətxorluq aradan qaldırılır. İnstitusional tədbirlərin genişləndirilməsi, onların tətbiqi, sistem xarakterli islahatların aparılması və davam etdirilməsi korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə daha effektli nəticələrin əldə olunmasına əsas yaradır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin ortaya qoyduğu iradə sayəsində korrupsiya və rüşvətxorluq üçün mövcud olan meydan maksimum dərəcədə daralıbdır. Elektron xidmət, elektron hökumət layihələri, həmçinin “ASAN xidmət” mərkəzlərinin yaradılması bu istiqamətdə aparılan çox önəmli addımlardır. Bununla yanaşı, cənab Prezident İlham Əliyevin apardığı siyasət əsasında həyata keçirilən islahatlar nəticəsində məmur–vətəndaş ünsiyyəti də minimuma endirilmişdir. Amma biz bu prosesdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəni birtərəfli görürük. Yəni korrupsiyaya və rüşvətxorluğa qarşı ancaq dövlət mübarizə aparır. Lakin bu bəlaya qarşı mübarizədə cəmiyyət də fəal olmalıdır.
Cənab Prezident İlham Əliyev dəfələrlə vətəndaşlara müraciətində deyir ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə ictimaiyyət də fəal olmalı, vaxtında məlumatlar verilməli və birgə fəaliyyət sərgilənməlidir. Təbii, bu işdə ən çox yük mətbuatın üzərinə düşür. İctimai fikir və cəmiyyətin düşüncə tərzini formalaşdıran mətbuat mənsubları daha fəal olmalıdırlar. Maarifləndirmə işi aparılmalıdır. Bu bəlaya qarşı mübarizədə dövlət, mətbuat, ictimaiyyət forumunun da əlaqələndirici rolu olmalıdır. Əgər Azərbaycanımızı inkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, o zaman hər bir vətəndaş korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə fəal olmalıdır. Diqqətinizə görə təşəkkür edirəm və qanun layihəsinə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən Cinayət Məcəlləsində dəyişikliklə bağlı bir-iki təklifimi, sadəcə, səsləndirərək bu məsələni də bitmiş hesab edəcəyəm. Bunlardan birincisi qanunsuz abort etməklə bağlıdır. Mən hesab edirəm ki, biz bunu, əslində, qüvvədə olan mətndə elə bir ciddi dəyişiklik problemi olduğuna görə etmirik. Qüvvədə olan mətn nədən ibarətdir? “Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə üç yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır”. İndi burada, sadəcə, bir dəyişiklik edirik. İctimai işlər üçün 360 saatdan 400 saatadək müddət müəyyən edirik. Bu çox ciddi məsələdir. Xüsusilə kənd rayonlarında, kəndlərimizdə çox ciddi problemdir.
Çox təəssüf ki, arzuolunmaz hamiləliklə bağlı əhalinin, insanların maarifləndirilməsində problemlər hələ də qalır. Xüsusi ali tibbi təhsili olmayan şəxslər tərəfindən törədilən bu kimi əməllərə qarşı cəzalar daha da sərt olmalıdır. Ümumiyyətlə, bu şəxslərə həmin işlə məşğul olmaq üçün icazə verilməməlidir. Canını 300 manat ilə qurtaracaq? 300 manat və ya ictimai işlər ağır olmayan cəzalardır. Burada anaların, ailələrin taleyindən söhbət gedir. Ona görə hesab edirəm ki, biz bu məsələyə diqqətlə baxaraq, bunun gələcəkdə ağırlıq və problemlər yaradacağını nəzərə alaraq bir az fərqli mövqe nümayiş etdirə bilərik.
İkinci məsələ 148-ci maddə ilə əlaqədardır. Mən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cərimələrin artırıl-masını dəstəkləyirəm. Amma mən, hörmətli Sədr, hörmətli millət vəkilləri, çox istərdim ki, bizim şərəf və ləyaqətimizi alçaldan, təhqir edən şəxsləri məsuliyyətə cəlb edə bilək. Biz bunu da düşünməliyik.
Bu gün ölkədə nə baş verir? Cəmiyyətin diqqətinə gəlmək və ya cəmiyyətdə tanınmaq istəyən biri ölkənin tarixi şəxsiyyətlərini, çox tanınmış böyük ziyalılarını təhqir edir. Cəmiyyətdə bununla bağlı çox ciddi narahatlıq var. Bu insanların bəziləri 200 il, bəziləri 100 il əvvəl yaşayıblar. Amma tarixi şəxsiyyətlərin, böyük ictimai xadimlərin, ziyalıların bu qədər təhqir olunması getdikcə artır. Tənqid ola bilər, araşdırma aparıla bilər. Amma bu qədər böyük insanların dəhşətli şəkildə təhqir olunması... Biz bunun da bir mexanizmini tapmalıyıq.
Mədəniyyət komitəsinin sədri hörmətli Nizami müəllim də buradadır. Hər halda bir mexanizm tapılmalıdır. Yoxsa bu belə gedə bilməz. Biz görürük ki, getdikcə bu çirkab daha da artmağa başlayır. Hər həftədə bir qəzet səhifələrində böyük bir ziyalının, çox böyük bir dövlət adamının, bu millət üçün çox böyük işlər görmüş ictimai xadimin, heç bəlkə də onu diqqətlə tanımayan, bilməyən, oxumayan... “Sadəcə, elə təhqir edim, mətbuatda məndən çox yazsınlar” kimi bir meyil yaranır ki, bunun da qarşısı alınmalıdır. Çünki millətin bu dəyərlərinə belə münasibət, mənə elə gəlir ki, gələcəkdə cəmiyyətdə çox ciddi problemlər yarada bilər. Ona görə də biz bir mexanizm tapmalıyıq ki, bu kimi mənfi meyilləri durdurma yolları olsun. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, gündəliyin 11-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.08 dəq.)
 Lehinə  90
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin 12-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.08 dəq.)
 Lehinə  88
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  88
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, gündəliyin zərflə gələn 13-cü məsələsinə mü-nasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.09 dəq.)
 Lehinə  91
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Oqtay müəllim! Bu, “Əmək pensiyaları haq-qında” Qanunun 31-ci maddəsində edilən çox önəmli bir dəyişiklikdir. Bu dəyişiklik bürokratik əngəllərin aradan götürülməsində böyük əhəmiyyət kəsb edir. Sığorta olunanın əmək kitabçasında 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının yerində yoxlanılması dövlət arxivinin arayışları ilə  təsdiqləndiyi halda əməliyyat operativ, həmin gün icra olunur. Bu da, “ASAN xidmət”in apardığı operativ xidmətlərlə bağlıdır. Eyni zamanda, pensiyaların hesablanmasında bürokratiyanın tam aradan qaldırılmasına xidmət edən bir dəyişiklikdir. Xahiş edirəm, deputat həmkarlarım qanun layihəsinə səs versinlər. Sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.11 dəq.)
 Lehinə  87
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  87
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublika-sında bələdiyyələrin siyahısı”nda  dəyişiklik edilməsi barədədir. Buyursun Arif Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin  sədri.
Sağ olun, cənab Sədr. Bildiyiniz kimi, bu yaxınlarda Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusu verilib. Müzakirəyə təqdim olunan qanun layihəsində bələdiyyələrin siyahısında müvafiq düzəlişlərin aparılması nəzərdə tutulur. Sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.12 dəq.)
 Lehinə  89
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti, 16-cı məsələ “Azərbaycan Respublikası Höku-məti ilə Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı” Anlaşma Memorandumunun təsdiq edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Asiya İnkişaf Bankı 1966-cı ildə yaradılmış və Asiya ölkələrinin inkişafına yardım etməklə yoxsulluğun azaldılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırıl-masından ibarət olan beynəlxalq maliyyə institutudur. Asiya İnkişaf Bankını maliyyələşdirən 67 üzv ölkə vardır ki, bunlardan 48-i Asiya və Sakit okean regionunda, 19-u isə dünyanın digər hissələrində yerləşir. Azərbaycan Respublikası 1999-cu il 29 oktyabr tarixində qəbul edilmiş qanunla Asiya İnkişaf Bankının təsisi haqqında Sazişə qoşulmuş və Asiya İnkişaf Bankının üzvlüyünə qəbul edilmişdir.
Asiya İnkişaf Bankının Azərbaycanda həyata keçirdiyi layihələr dövlət və özəl sektorları əhatə edir və hökumətin inkişaf strategiyalarına uyğun olaraq həyata keçirilir. Asiya İnkişaf Bankı özəl sektorda inkişafı əhəmiyyətli dərəcədə artırmış və ölkədə bank sektorunun gücləndirilməsi, eləcə də özəl infrastrukturun inkişafına dəstək göstərmişdir. Asiya İnkişaf Bankı Azərbaycanın nəqliyyat sektorunda, xüsusilə yolların inkişafında əhəmiyyətli rol oynamaqdadır. Respublikada yolların inkişaf proqramı üzrə təqdim edilmiş çoxtranslı maliyyələşmə mexanizmi Asiya İnkişaf Bankı və Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsini müəyyən etmişdir. Bununla yanaşı, Asiya İnkişaf Bankı regional şəhərlərdə su təchizatı və kanalizasiya qurğularının bərpa edilməsi üzrə kreditlər vermiş, eləcə də uzunmüddətli dayanıqlı iqtisadi və sosial inkişaf strategiyasının proqramlarının hazırlanması üzrə hökumətə dəstək məqsədi ilə texniki yardımlar göstərilmişdir.
Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2012-ci il 2–5 may tarixində Filippin Respublikasının paytaxtı Manila şəhərində keçirilmiş toplantısında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə keçiriləcək toplantısına Bakı şəhərinin ev sahibliyi etməsinə dair qərar qəbul edil-mişdir. Qeyd olunan tədbirin Bakıda keçirilməsi ilə əlaqədar məsələlərin tənzimlənməsi məqsədi ilə “Azərbay-can Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri və Asiya İnkişaf Bankının tövsiyələri nəzərə alınmaqla Azərbaycan Respublikası və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı Anlaşma Memorandumunun layihəsi hazırlanmışdır.
Anlaşma Memorandumu sözügedən toplantının Bakı şəhərində keçirilməsi ilə bağlı Asiya İnkişaf Bankının və Azərbaycan Respublikası Hökumətinin öhdəliklərini müəy-yən edir. Anlaşma Memorandumunun layihəsinə əsasən illik toplantıya ev sahibliyi edən ölkə kimi Azərbaycan Respublikası Asiya İnkişaf Bankı ilə razılaşdırılmış şəkildə toplantının keçirilməsi üçün məkanı, həmçinin digər vacib məsələləri öz üzərinə götürməlidir. Anlaşma Memorandu-munun layihəsi ilə bağlı aidiyyəti dövlət qurumları tərəfin-dən irəli sürülmüş rəy və təkliflər Asiya İnkişaf Bankına təqdim edilmiş və qarşı tərəf həmin təklifləri nəzərdən ke-çirərək memorandum layihəsinin yenidən hazırlanmış variantını hökumətə təqdim etmişdir. 
Sözügedən toplantının Bakı şəhərində keçirilməsi ölkə-mizin beynəlxalq nüfuzunun göstəricisidir və iqtisadi sahədə aparılan islahatların dinamik inkişafına, habelə respublikamızın beynəlxalq maliyyə institutlarına inteqrasiyasına keyfiyyətli təkan verəcəkdir. Qeyd olunanları nəzərə alaraq qanun layihəsinə müsbət münasibət bildirməyinizi millət vəkillərindən xahiş edərdim.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə  münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.17 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, bugünkü gündəliyin son məsələsi Gömrük tarifi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Ziyad Səmədzadə buyursun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət və-killəri! Adıçəkilən qanun layihəsi Milli Məclisin İqtisadi si-yasət komitəsində, Dövlət Gömrük Komitəsinin, digər iq-tisadi strukturların peşəkar mütəxəssislərinin, rəhbər işçi-lərin iştirakı ilə müzakirə edilmiş və millət vəkilləri tərəfin-dən birmənalı şəkildə yekdilliklə Milli Məclisin geniş ic-lasına təqdim edilmişdir. Komitənin iclasında xüsusi olaraq vurğulandı ki, 1995-ci ilin əvvəlindən başlayaraq Dövlət Gömrük Komitəsində kadr potensialının yenilənməsi, göm-rük nəzarətinin səmərəsinin və xidməti intizamının güclən-dirilməsi, struktur dəyişikliklərinin keçirilməsi, informasiya texnologiyalarının tətbiqi, gömrük buraxılış məntəqələrinin texniki resurslarının möhkəmləndirilməsi və yeni gömrük idarə və postlarının yaradılması, avtomatlaşdırılmış idarə sisteminə keçid, tarif tənzimləmə sisteminin təkmilləşdirilməsi nəticəsində respublikada gömrük sisteminin tənzimlənməsi işinin formalaşması üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
Bu gün Azərbaycan gömrük xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş struktura malik olmaqla, ölkədə fiskal siyasəti həyata keçirir. 1995-ci ildən dövlət büdcəsinin for-malaşmasında gömrük xidmətinin rolu və əhəmiyyəti nəzərə alınaraq “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hər il üçün müəyyənləşdirilən büdcə proqnozunun yerinə yetirilməsi bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Bunun üçün ilk növbədə maliyyə intizamının möhkəmləndirilməsi, ölkəyə idxal olunan mallara və nəqliyyat vasitələrinə tətbiq olunan gömrük ödənişlərinin alınması və vergilərdən yayınma hallarının qarşısının alınmasına nəzarətin artırılması vacibdir.
1990-cı və 2000-ci illərin əvvəllərində gömrük orqanları üçün müəyyənləşdirilən büdcə proqnozları bir qayda olaraq 200 milyon manatı keçmədiyi halda artıq 2008-ci ildə bu rəqəm 1,1 milyard manat, 2012-ci ildə 1,2 milyard manat məbləğində yerinə yetirilmişdir. 2013-cü ilin I rübü ərzində 288,7 milyon manata qarşı 290 milyon manat məbləğində gömrük ödənişi toplanaraq dövlət büdcəsinə köçürülmüş, proqnoz müvəffəqiyyətlə həyata keçirilmişdir.
Ümumiyyətlə, Azərbaycan gömrük xidməti dünya gömrük ailəsində özünəməxsus layiqli yer tutur və aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirir. Bu baxımdan 2003-cü ildə Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzinin, eləcə də Ümumdünya Gömrük Təşkilatının Potensialının gücləndirilməsi üzrə regional ofisinin Bakı şəhərində yaradılması, fəaliyyətə başlaması  təsadüfi deyil. Azərbaycan 1995-ci ildən başlayaraq Ümumdünya Gömrük Təşkilatının bir sıra beynəlxalq tədbirlərinə ev sahibliyi etmiş və bu cür mühüm tədbirlərin yüksək səviyyədə təşkili istər Ümumdünya Gömrük Təşkilatının rəhbərliyi, istərsə də iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.
Bilirsiniz ki, Milli Məclis bu yaxınlarda Gömrük Məcəlləsini qəbul etmiş və bununla da gömrük sisteminin idarə olunması, qanunvericilik və tənzimlənməsi yüksək səviyyəyə qaldırılmışdır. Müasir beynəlxalq təcrübəyə, Ümumdünya Ticarət Təşkilatının qayda və prinsiplərinə əsaslanaraq hazırlanmış Gömrük tarifi haqqında Azərbaycan Respublikasının qanun layihəsi 5 fəsildən və 23 maddədən ibarətdir. Müqayisə üçün deyim ki, vaxtilə qəbul edilmiş “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu 7 fəsil və 37 maddədən ibarətdir.
Vaxtınızı çox almaq istəmirəm. Birinci oxunuş üçün onu qeyd etmək istəyirəm ki, burada sözün əsl mənasında Dünya Gömrük Təşkilatının vacib prinsipləri, dövlətin milli maraqları nəzərə alınıb. Ona görə də bu qanun layihəsi Milli Məclisin İqtisadi siyasət komitəsi tərəfindən yekdilliklə qəbul edilmişdir.
Gömrük tarifi haqqında qanun layihəsinin “Əsas an-layışlar” adlanan 1-ci maddəsinə yeni anlayışlar, – “eyni sinifdən və ya eyni növdən olan mallar”, “eynicinsli mallar istehsal etməyə birbaşa və dolayı nəzarət”, “alıcı, satıcı” anlayışları daxil edilmişdir.
Qanun layihəsinin 2-ci fəslində “Gömrük dəyərinin müəyyən edilməsi sistemi”, “Malın gömrük dəyərinin bəyan edilməsi”, “Məlumatın məxfiliyinin qorunması”, “Bəyannaməçinin hüquq və vəzifələri”, həmçinin “Gömrük orqanının hüquq və vəzifələri” adlanan maddələr öz əksini tapmışdır. Layihənin 7-ci maddəsinə məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi ilə bağlı yeni bəndin əlavə edilməsi gömrük dəyərləndirilməsindən bəhs edən fəslin fərqləndirici xüsusiyyətlərindən biri hesab edilir.
Gömrük dəyərləndirilməsi ilə şəffaflığın təmin olunması üçün beynəlxalq prinsiplər nəzərə alınaraq qanun layihəsinə idxalatçı tələb etdiyi halda onun gömrük orqanları tərəfindən, – dəyərləndirilmənin ehtiyat üsuluna əsasən,  – müəyyən edilmiş gömrük dəyəri və bu dəyərin müəyyən edilməsi üçün istifadə olunan üsul barədə yazılı formada məlumatlandırılması haqqında maddə əlavə edilmişdir.
Qanun layihəsinin 4-cü fəslində tarif güzəştləri və preferensiyaları, həmçinin gömrük rüsumlarından azadetmə halları qeyd edilmişdir. Mən bu halları sayıb vaxtınızı almaq istəmirəm. Qanun layihəsində bu barədə kifayət qədər açıqlama verilmişdir. Azərbaycan Respublikasının Gömrük tarifi haqqında qanun layihəsi cənab Prezident tərəfindən qəbul edilmişdir. Hesab edirəm ki, bu qanunun qəbulu Azərbaycanda gömrük   sisteminin daha da təkmilləşməsinə, Dövlət Gömrük Komitəsi tərəfindən ölkənin iqtisadi təhlükəsizliyinin müvəffəqiyyətlə yerinə yetirilməsinə imkan verəcəkdir.
Hörmətli Oqtay müəllim, məlumat üçün bildirim ki, Milli Məclisin İqtisadi siyasət komitəsində qanun layihəsi müza-kirə olunarkən Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Mərkəzi Bankın və digər strukturların nümayəndələri, millət vəkilləri, İqtisadi siyasət komitəsinin üzvləri çox dəyərli təkliflər irəli sürmüşlər. Bunların bəziləri qəbul edildi, bəziləri üzərində isə diskussiyalar davam edəcəkdir. İqtisadi siyasət komitəsi artıq müvafiq işçi qrupu yaratmışdır. Qanun layihəsində redaktə xarakterli müəyyən dəyişikliklərə ehtiyac var.
Hesab edirəm ki, bu qanun layihəsi birinci oxunuşda konseptual baxımdan qəbul edilə bilər. Digər oxunuşlara qədər qanun layihəsi üzərində işləyəcək və bunun daha təkmil olmasına çalışacağıq. Millət vəkillərindən xahiş edirəm ki, qanun layihəsinə öz müsbət münasibətlərini bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Ziyad müəllim qeyd etdi, İqtisadi siyasət komitəsində bu qanun layihəsi geniş müzakirə olunub və biz də öz təkliflərimizi vermişik. Bu qanun layihəsinin qəbul edilməsində əsas məqsəd həmin qanunu Avropa standartlarına uyğunlaşdır-maqdır. Ona görə də birinci oxunuş üçün bunun konsepsi-yası tamamilə düzgündür və hesab edirəm ki, konseptual baxımdan qəbul etmək olar. Ona görə təklif edirəm ki, qanun layihəsi səsə qoyulsun və qəbul edilsin.
Sədrlik edən. Sağ olun. Rüfət Quliyev.
R.Quliyev. Hörmətli cənab Sədr, hörmətli kolleqalar! Mən öz fikrimi komitənin iclasında bildirmişdim və burada da bildirmək istəyirəm. Bu qanun layihəsi tam mükəmməl, zəruri, Avropa standartlarına uyğun olan sənəddir. Bu sənəd Azərbaycanın milli iqtisadiyyatının təhlükəsizliyinə kömək edəcək və yerli istehsalı, yerli bazarı qoruyacaqdır. Mən bu qanun layihəsinə səs verəcəyəm və kolleqalarımı da səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. İndi Valeh müəllim deyəcək ki, “kolleqalar” əvəzinə “həmkarlar” desən, daha yaxşı olar. Valeh Ələsgərov buyursun.
V.Ələsgərov. Oqtay müəllim, çox sağ olun, demək istədiyim sözü dediniz. Bu qanun layihəsi birinci oxunuş üçün çox yüksək səviyyədə hazırlanıb. Əminəm ki, səs verib bunu qəbul edəcəyik. Amma Ziyad Səmədzadənin dediyi kimi, “redaktə xarakterli düzəlişlər”, yəqin ki, olacaqdır.
Bu qanun layihəsini oxuyub, bəyənib, bununla da qur-tarmaq istəyirdim. 9-cu maddə “Məlumatların məxfiliyinin qorunması” adlanır, çox gözəl. Sevindim ki, nəhayət, “konfidensial” sözü lüğətimizdən çıxdı. Ancaq bir az aşağıda yazılıb: “Gömrük orqanının malın gömrük dəyəri bəyan edilərkən təqdim edilmiş məxfi və konfidensial məlumatlardan gömrük dəyərləndirilməsinin məqsədləri üçün istifadə etmək hüququ vardır”. Çox üzr istəyirəm, bunu kimsə bilərəkdən yazıb? Məxfidirsə, niyə “konfidensial” sözü var? Konfidensialdırsa, niyə “məxfi” sözü var? Özü də bu mətndə “kompensasiya”, “kommersiya”, “real dəyər”, “sistemləşdirilmiş” və sair kimi sözlərdən həddindən artıq istifadə edilib.
Dünən müzakirədə “piratçılıq” sözünü misal çəkdim. İngilis dilində “pirat” quldur deməkdir. Əgər buna beynəl-xalq termin baxımından yanaşırıqsa, onda “Əqli mülkiyyət hüququ” deməyək də, “İntellectual property rights” deyək. “İntellectual” sözünü “əqli” edə bilirik, amma “piratı” “quldur” edə bilmirik?
Bu sözü dəfələrlə demişəm, amma oxuyuram ki, yenə də burada “eskiz” və “çertyoj” sözlərindən istifadə edilib. Bu sözlər rus dilindən bizə keçməmiş dədə-babalarımız o boyda tikililəri him-cimlə tikirdilər? Ona görə çox xahiş edirəm, danışığımızda və ən vacibi qanunlarımızda dilimizə hörmətlə yanaşaq. Çünki biz bununla müasir dilimizi for-malaşdırırıq. Mən telefonun, elektron vasitələrinin əleyhinə deyiləm. Dədəm, babam elektronun, telefonun nə olduğunu bilməyib, ancaq bildiyimizi də istifadə edək. Ona görə xahiş edirəm, bu nöqsanları aradan götürmək şərti ilə qanun layihəsinə səs verək və qəbul edək. 
Sədrlik edən. Çox sağ olun. Bu məsələ hər dəfə komitə iclaslarında da qalxır. Biz araşdırdıq ki, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Terminologiya Komissiyası, əfsuslar olsun, öz işini tam, axıra kimi yerinə yetirə bilmir. İndi sadalanan sözlərin əksəriyyəti illər boyu dilimizdə işlənib. Məsələn, Valeh müəllim “çertyoj” sözünü dedi. Bu söz dildə işlənib və bu istiqamətdə də davam edib. İndi bunu birdən-birə dəyişmək üçün gərək bir çox yerdə, kitab-larımızda, qanunlarımızda  dəyişiklik edək.
Milli Məclisin Mədəniyyət komitəsinə də tapşıracağam ki, bu məsələlərə baxsınlar. Nazirlər Kabineti ilə danışıb Terminologiya Komissiyasında işi canlandırmaq və bu işləri yavaş-yavaş qaydasına salmaq lazımdır. Valeh müəllimin fikri ilə biz dünən də razılaşdıq. Məsələn, “çertyoj” sözünü ya “cizgi şəkli”, ya da “şəkil cizgisi” şəklində tərcümə etmək olar. Bu, bir sözlə tərcümə olunmur. Hər halda bu söz Azərbaycan dilinə tərcümə oluna bilər. Ancaq bu “şəkil cizgisi” sözləri bizdə hansı ədəbiyyatda, kitabda, yazılarda var?  Heç birində yoxdur. Nizami müəllim, belə sözlər ortaya çıxmasın deyə, birinci növbədə Terminologiya Komissiyası ilə işləməliyik.
Bu qanun layihəsinin birinci oxunuşunda çox çıxış olmadı, nəzərə aldığımız məsələlərə komissiyada baxılsın və bunları ikinci, üçüncü oxunuş zamanı bir yerdə həll edək. Etiraz edən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İş komissiyanın boynuna düşür, xahiş edirəm, sürətləndirəsiniz. Başqa təkliflər yoxdursa, qanun layihəsinə birinci oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.32 dəq.)
 Lehinə  89
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, növbəti iclasımız may ayının 7-də keçiriləcək. Bu iclas ulu öndərin 90 illiyinə həsr olunacaq. Mən bütün millət vəkillərinə bildirmək istəyirəm ki, Milli Məclis mayın 7-də saat 11-də Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət etməyə gedəcək. Saat 11-də orada görüşərik. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi