2013-ci il 27 dekabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
X SESSİYASI İCLASININ

PROTOKOLU № 80

Milli Məclisin iclas salonu.
27 dekabr 2013-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 111 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 96
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
Teymur Şəkərəliyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  şöbə müdiri.
Ramik Əşrəfov, Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin sədri.
Cavanşir Məmmədov, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi.


İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında.
2. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında .
3. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli  282-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 283-IVQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 618-IVQ nömrəli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 624-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 625-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. “Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 627-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
24. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
25. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
29. Körpələr evlərinə, körpələr evi, uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
30. Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
31. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
32. Dünya azərbaycanlılarının  həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Fərəc Quliyev, Zahid Oruc, Çingiz Qənizadə, Rövşən Rzayev, İqbal Ağazadə, Qənirə Paşayeva, Adil Əliyev, Musa Qasımlı, İlham Əliyev, Fəttah Heydərov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Bəxtiyar Əliyev, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 102
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 107
Nəticə: Qəbul edildi

2. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

3. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Asim Mollazadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli  282-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 283-IVQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

7. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

9. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 618-IVQ nömrəli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

10. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

11. “Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

12. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 624-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 625-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

14. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.58 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

15. “Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 627-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

16. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

17. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Zahid Oruc, Adil Əliyev, Aqil Abbas

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

18. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

19. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

20. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
21. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, İlyas İsmayılov, Musa Quliyev, Qənirə Paşayeva, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

24. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi


25. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, İlyas İsmayılov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi


27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 78
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 78
Nəticə: Yetərsay yoxdur

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

28. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

29. Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Aytən Mustafayeva, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

30. Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

31. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov, Elmira Axundova

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

32. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Sevinc Hüseynova


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 


MİLLİ  MƏCLİSİN  İCLASI

27  dekabr  2013-cü il.  Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir  96
Yetərsay  83

Yetərsay var. İclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri! Bildiyiniz kimi, bu gün payız sessiyasının son iclasıdır və mən fürsətdən istifadə edərək qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə sizin hamınızı təbrik edir, ailələrinizə xoşbəxtlik, can sağlığı arzulayıram.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Gündəliyə bir əlavə var. Mən o haqda qısaca deyim. Son iclas olduğu üçün bütün məsələlər gəlir. Bu gün banklar və digər kredit təşkilatları tərəfindən əmanətçilərə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında yeni bir qanun layihəsi gəlib. Məsələyə İqtisadi siyasət komitəsində baxılıb. Xahiş edirəm, bunu da gündəliyə əlavə edək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Onda xahiş edirəm, bu əlavəni də daxil etmək şərti ilə gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, sağ olun. Əgər müzakirələrə ehtiyac varsa, xahiş edirəm, çıxış etmək istəyənlər yazılsınlar.  Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də bir daha hamını qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm.
Bilirsiniz ki, son zamanlar yanacağın qiyməti ilə bağlı müəyyən dəyişikliklər olduğuna görə istehlak səbətinin dəyəri inzibati ödəmələr ucbatından qalxıb. Bu gizlədiləsi bir şey deyil. Ona görə yaşayış minimumuna, minimum əmək haqqına və ehtiyac meyarı məsələlərinə yenidən baxılmasını mən vacib hesab edirəm.
Qarabağ müharibəsində iştirak etmiş və bu gün ehtiyatda və istefada olan hərbi qulluqçulara dövlət tərəfindən verilən müavinət ötən ilin may ayından dayandırılıb. Burada bir paradoks var – işləyənlərə o müavinət verilir, amma işləməyənlərə verilməsi dayandırılıb. Bununla bağlı mənə xeyli müraciətlər var. Bu 35 manatlıq müavinətin verilməsi böyük bir rəqəm deyil, amma narazılığa səbəb olur. Hesab edirəm, buna da yenidən baxmaq mümkündür.
Üçüncü məsələ isə Azərbaycanda 98 markalı yanacağın qiymətinin dövlət tərəfindən tənzimlənməməsi ilə bağlıdır. Bu qiymət sərbəstdir və Azərbaycanda 1 manat 50 qəpik, yəni 1,4 avro civarındadır. Gürcüstanda və Moldovada isə müvafiq olaraq 0,95 və 1 avro civarındadır. Səbəb həmin yanacağın Rumıniyadan alınmasıdır. Bu yanacaq oktan ədədinin yuxarı olmasına görə bizdə istehsal olunmur.
Amma məni bu qiymətdən daha çox bir şey maraqlandırır. Azərbaycanda həm xammal, həm istehsal sahələri, həm də elmi baza var. Biz bu yanacağı özümüzdə istehsal eləməklə onun kənardan gətirilməsinə son qoya bilərik. Bu gün qiymət 1 manat 50 qəpikdir, sabah daha yüksək ola bilər.
Deyirlər ki, bu məhsul kənardan gətirildiyi üçün qiyməti tənzimlənmir. Amma bizdə qanunvericiliyə görə kimin istehsal etməsindən asılı olmayaraq Azərbaycan ərazisində satılan yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir. Yəni bu, birmənalı şəkildə belə qəbul olunub. 2005-ci ildə qiymətləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin siyahısı təsdiq olunub və buraya xam neft məhsulları da daxildir.
Düşünürəm ki, gələcəkdə hansısa məqsədlərlə bu qiymətin qaldırılması, ümumiyyətlə, qiymətlərdə balansın pozulmasına gətirib çıxara bilər. Məncə, bu məsələyə də baxılmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Cənab Sədr, mən də Sizin təbrikinizə qoşulur və 2014-cü ilin millətimiz, dövlətimiz üçün xeyirli və uğurlu olmasını diləyirəm.
Hörmətli millət vəkilləri! Bir neçə gün öncə yenə də “Binə” Ticarət Mərkəzində növbəti bir yanğının şahidi olduq. Mən ona görə növbəti deyirəm ki, uzun illər ərzində bu hadisələr sanki proses halını alıb, zəncir kimi bir-birinə bağlanıb. Biz istintaq orqanı nümayəndəsi olmasaq da, belə bir fikir, ehtimal yaranır ki, bu hadisələr təbii qaydada, hansısa texniki nasazlıqdan baş vermir, həmin sahibkarlıq obyektlərində hökm sürən vəziyyətlə birbaşa bağlıdır. Sanki burada bolşeviklərin 1917-ci ildəki sabotaj üsullarını həyata keçirməkdədirlər. Bu məndə dərin təəssüf hissi doğurur. Ona görə ki, onlarla insan maddi cəhətdən ziyan çəkib. Bu, sahibkarlıq mühitinə vurulan zərbədir, orta təbəqənin mənafelərinə ziddir.
Yadınızdadırsa, mən büdcə müzakirələri dövründə hökumətə, konkret olaraq İqtisadi İnkişaf Nazirliyinə müraciət etmiş, demişdim ki, nəinki “Binə” və “Sədərək” ticarət mərkəzlərində, eləcə də ölkəmizin digər yerlərində bu qurumlarda açıq-aşkar hüquqsuzluq, bir sıra hallarda feodal münasibətlər hökm sürür, heç bir hüquqi münasibət yoxdur. Şərtlər hətta həftəlik və gündəlik də dəyişir. O insanlar qalxıb hansısa reaksiyalarını bildirəndə onları müxtəlif vasitələrlə əzirlər. O vasitələrdən biri də budur.
Mən bu yeni il ərəfəsində bir daha İqtisadi İnkişaf Nazirliyinə bu məsələ ilə bağlı müraciət edirəm ki, monitorinqlər aparılsın, nazir orada hökm sürən vəziyyət barədə ölkə başçısına məruzə etsin. Cənab Prezidentin sonuncu olaraq məmurlara xəbərdarlığı, elə hesab edirəm ki, o qurumlar üçün də bir nəticəyə çevriləcək.
Mən bir məsələyə də toxunmaq istəyirəm. ATƏT-in Varşava Bürosu seçkilərə yönəlik yekun hesabatını yaydı. Bu ondan əvvəlki hesabatdan elə də fərqlənmədi. Əslində, onların 220 nəfərlik heyəti ölkə miqyasında 5 min məntəqəni əhatə edərək bu cür hesabatı verməyə yetmirdi. Onlar ölkə daxilində özlərinin casus şəbəkəsi kimi istifadə etdikləri bəzi ictimai qurumlara, QHT-lər içərisində informator, təsir agenti rolunda çıxış eləyən şəxslərə istinad elədilər.
Hesab edirəm ki, ATƏT-in Minsk qrupu, əslində, nədirsə, ATƏT-in Varşava Bürosu da odur. Mən məsuliyyətlə  deyirəm ki, onlar casus şəbəkəsidir. Cənab Sədr, fikrimi axıra çatdırmağa 30 saniyə vaxt istəyirəm.
Sədrlik edən. O 30 saniyəni əvvəldən, dediyin sözlərdən qabaq istəyəydin. Buyur, 30 saniyə vaxt verildi.
Z.Oruc. Hesab edirəm ki, onların yekun aktı Azərbaycana siyasi təzyiq forması və ölkə üzərində seçkilərə görə qurulmuş zəif bənd oyununun tərkib hissəsidir. Ona görə mən Azərbaycan dövlətini ATƏT-in Varşava Bürosu ilə əlaqələrdən, əməkdaşlıqdan imtina eləməyə çağırıram. Bu bizə heç bir siyasi ziyan gətirməyəcək, əksinə, xeyrimizə olacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Hörmətli Sədr, mən elə 30 saniyəyə fikrimi bildirəcəyəm. Bir qrup gənc bizə müraciət eləyib. Çox xahiş elədilər ki, bunu parlamentdə səsləndirim.
Şəhərdə tıxac problemi məsələsini həll etmək üçün çox gözəl yeraltı dayanacaqlar tikilib. Bunu, əlbəttə, alqışlayırıq. Amma bu dayanacaqlarda avtomobilin saxlanması üçün təyin olunan qiymətlər dəhşətlidir. Adicə bir şey deyim. Şəhərin mərkəzində inzibati binalarda çalışan dövlət idarələrinin əməkdaşları maşınlarını orada saxlayırlar. Orada 6 saatdan yuxarı maşın saxlamaq üçün 6 manat pul ödənməlidir. Deyirlər, şənbə və bazarı çıxdıqdan sonra, – əslində, dövlət qurumlarında şənbə günü də insanları işə cəlb edirlər, – biz hər ay ancaq maşın dayanacağı üçün 150 manat pul verməliyik. O ərazidə yaşayan insanlar isə hər gün üçün 10, yəni ayda 300 manat ödəyirlər. Dünyanın heç yerində belə qiymət yoxdur.
Mən çox xahiş edirəm ki, səlahiyyətli orqanlar bununla məşğul olsun. Dövlətin siyasətidir və bu, iqtisadi siyasətdir. VİP dayanacaqlar tikildi, istifadəyə verildi. Amma burada kim isə insanları soyacaqsa, buna yol vermək olmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ ol. Dedin, fikrini 30 saniyəyə bildirəcəksən, amma çatdırmadın, bir az çox oldu. Bir şey deyim. O dayanacaqlar dövlətə məxsus deyilsə, özəldirlərsə, bunu bazar özü tənzimləyəcək. Bu özəl təşkilatlara biz nə deyə bilərik? Amma biz bu haqda danışarıq. Həmin o dayanacaqlar boş qalanda sahibləri məcbur olub qiyməti aşağı salacaqlar. Rövşən Rzayev.
R.Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Azərbaycanın ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması bu gün Azərbaycanın bir nömrəli problemidir. Bu problemin sülh yolu ilə həll edilməsi siyasəti hələ ulu öndər Heydər Əliyevin vaxtında müəyyənləşdirilmiş və aparılmışdır.  Həmin siyasət bu gün də ölkə Prezidenti, Azərbaycan xalqının lideri cənab İlham Əliyev tərəfindən aparılır.
Azərbaycan bu gün xarici siyasətdə çox böyük uğurlara imza atıb. Məncə, onlardan elə bir dənəsini qeyd etmək kifayətdir. Azərbaycan BMT yanında Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Bu o deməkdir ki,  Azərbaycanın haqlı yolda olduğu, düzgün xarici siyasət yürütdüyü bütün dünya dövlətləri tərəfindən dəstəklənmişdir.
Azərbaycan bu gün də ərazi bütövlüyü problemini sülh yolu ilə həll etmək siyasətindən imtina etməyibdir. O özünün tarixi torpaqlarını geri  qaytarmaq üçün müharibə yoluna getməməkdən ötrü bütün səylərini ortalığa qoyubdur. Təbii ki, onun bu mövqeyi bir çox dövlətlər tərəfindən dəstəklənir.
Bu gün biz, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasının rəhbərləri, nümayəndələri ilə görüşmək və dialoq qurmaq istəyirik. Biz düşünürük ki, bu icmaların dialoqu böyük sülh müqaviləsinə aparan danışıqlar prosesinə öz töhfəsini verə bilər.
Qeyd etmək istərdim ki, bütün beynəlxalq təşkilatlar, qurumlar bizim bu təşəbbüsümüzü dəstəkləyirlər. Bu imkandan istifadə edib sizə müraciət etmək istəyirəm ki, bu məsələdə bizə dəstək olasınız. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rövşən müəllim, Siz görürsünüz ki, bizim bütün nümayəndə heyətləri bu məsələnin həlli üçün hər yerdə dəstək axtarırlar. Ancaq əfsuslar olsun ki, Ermənistan tərəfi bu məsələdən hələ ki qaçır. Siz Avropa Şurası Parlament Assambleyasının üzvüsünüz. Orada alt komitə yaradılmışdır. Onlar hətta o komitədə iclaslara gəlmirlər. Amma bu istiqamətdə işləmək lazımdır. Biz bundan sonra da bütün mümkün vasitələrdən istifadə edərək sizə dəstək verməyə çalışacağıq. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, möhtərəm cənab Sədr. Mən də təbriklərə qoşulur və bütün həmkarlarımızı, o cümlədən Azərbaycan xalqını Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edirəm. Arzu edirəm ki, 2014-cü il dövlətimiz, xalqımız üçün düşərli, faydalı il olsun və bizim problemlər həll olunsun.
Mən Dünya azərbaycanlılarının həmrəyliyi günündə bir sıra məsələlərə ilin yekunu, qış sessiyasının sonu olaraq münasibət bildirmək istəyirəm. Bundan əvvəl də dəfələrlə bildirmişəm.
Çox təəssüflər olsun ki, həmrəylik daxildə heç də bizim istədiyimiz səviyyədə və cəmiyyətin arzu elədiyi nəticələrlə sonuclanmır. Bəzən elə məhkəmə iddiaları həyata keçirilir və o məhkəmə iddiaları nəticəsində insanlara elə cəzalar kəsilir ki, adamın, sadəcə, gülməyi gəlir.
Qurban Məmmədov 3 il iş aldı. Qurban Məmmədovun üzünə duran bir şəxs guya şikəstdir, məhkəməyə şikəst formasında gəlirdi. Amma jurnalistlər onu təqib etdilər və nəticədə məlum oldu ki, o, şikəst deyil və heç axsamır da. Bunun videosunu belə məhkəməyə təqdim etdilər. Buna baxmayaraq Qurban Məmmədova 3 il iş verildi.
Yadigar Sadıqov guya küçədə kiminləsə dalaşıb və guya kiməsə fiziki təsir göstərib. Yadigar Sadıqova 7 il iş verdilər. Halbuki adamın  sağlamlığına nə uzunmüddətli, nə də qısamüddətli zərər dəyib. Həkimin rəyində də bu yoxdur. İnsanları qondarma cinayət işləri ilə ittiham etmək və bu cür absurd iş vermək hansı məntiqə, ağla sığır?
İsmayıllı məhkəməsində “Nida”çıların işləri gedir. Tutulanlardan biri məhkəmədə qeyd eləyir ki, mənə polis rəisi, çevik polis alayının nümayəndələri bu proseslərin hamısında minnətdarlıq etdilər ki, mən yanğına imkan vermədim, camaatın qarşısını aldım. Adamı tutub qoyurlar içəri, iş verirlər.
İlqar Məmmədovu, Tofiq Yaqublunu hansı maddələrlə ittiham edirlər? Jurnalist kimi ora araşdırmaya gediblər. “Nida”çıları hansı ittihamlarla həbs edirlər? Mən keçən dəfə müraciət etdim, bir əfv aktı ilə həm üzərlərində  cəzası olan, həm də məhkəməsi gedən insanların həbsdən azad olunmasını təklif etdim. Bu, həmrəyliyin bir nümunəsi ola bilərdi.
Azərbaycanda həmrəylik bizim burada təkcə təbriklərimizlə, bir-birimizə xoş sözlərimizlə sonuclanmamalıdır. Real əməldə bu cür yanaşmalar həm Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşması, həm də daxildə gerçək həmrəylik üçün lazımdır. Gerçək həmrəylik üçün atılacaq hər bir addımı dəstəkləməyə bütün təbəqələr hazırdır və mən Azərbaycana gerçək həmrəylik arzulayıram. Bir daha təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli İqbal, həmrəylikdən danışdın, çox uzaqlara getdin, həm vəkil, həm prokuror, həm də hakim kimi çıxış elədin. Ancaq həmrəyliyə çağıranda siz də bu həmrəyliyə doğru bir addım atın. Həmrəyliyə həmişə çağırılıb. Hansı müxalifət qəzetini açırsan, yalnız qızışdırıcı məsələlər... Haradadır bu həmrəylik? Yenə həmrəyliyi ancaq dövlətdən gözləyirsiniz, özünüzdən də gözləyin. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də ilk öncə qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə həmkarlarımı və bütün azərbaycanlıları təbrik edirəm.
Qaldıracağım iki məsələdən biri əlillərin məşğulluq problemi ilə bağlıdır. Ölkədə cənab Prezidentin rəhbərliyi altında əlillərin sosial müdafiəsi ilə bağlı çox sayda işlər görülür. Təbii ki, bunlar hər kəs tərəfindən çox müsbət şəkildə qiymətləndirilir.
Əlil təşkilatlarının, əlillərin hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların parlamentdən, qanunverici orqandan iki məsələdə xahişini mən diqqətə çatdırmaq istəyirəm. Elə bilirəm  ki, gələcək müzakirələrimizdə bu mövzuların diqqətə alınmasına ciddi ehtiyac var.
Bunlardan biri “Məşğulluq haqqında” Qanundur. “Məşğulluq haqqında” Qanunda məsələlər çox aydın şəkildə öz əksini tapıb. Orada vurğulanır ki, işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik sayının 3 faizini, 50-dən 100-dək işçisi olan müəssisələrdə 4 faizini, 100-dən çox işçisi olan müəssisələrdə 5 faizini mütləq bu kateqoriyaya aid olan insanlar təşkil etməlidirlər. Amma çox təəssüf ki, bir çox müəssisələr “Məşğulluq haqqında” Qanunu ciddi şəkildə yerinə yetirmirlər. Yəqin ki, həmin müəssisələrdə cərimələrin miqdarını artırmağa ehtiyac var ki, o cərimələrin ağırlığı onları gerçəkdən bu qanunu yerinə yetirməyə məcbur etsin. Mən hesab edirəm ki, bu cərimələrdən yığılan pullar Dövlət Sosial Müdafiə Fonduna keçirilərək o insanların müəyyən problemlərinin həllinə yönəldilə bilər.
İkinci məsələ. Biz bir neçə müddət bundan öncə qanuna edilən müəyyən dəyişikliklə əlillərin kvota faizinin içərisinə bəzi qrupları da daxil etmişik. Təbii ki, onların da daxil edilməsinə  ehtiyac var.  Amma o qruplar daxil edildikdən sonra əlillərin kvotadakı faizləri aşağı düşüb. Ona görə də mən hesab edirəm ki, “Məşğulluq haqqında” Qanuna yenidən nəzər salaraq həm əlillərin o kvotanın içərisindəki faizlərinin, – bəlkə ümumi kvotanın da, – həm də o cərimələrin artırılmasına ehtiyac var. Sağ olun.
Sədrlik edən.  Adil Əliyev.
A.Əliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də ilk növbədə qarşıdan gələn Yeni il bayramı və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə həmkarlarımı və dünyada yaşayan bütün azərbaycanlıları təbrik edirəm.
Bu gün burada həlli vacib olan problemlərlə bağlı fikirlər səsləndi, Oqtay müəllim. Bakı şəhərində bir neçə bu cür problem var ki, qaldırılmalıdır, ancaq biz ümid edirik ki, o problemlər tədricən öz həllini tapacaq.
Həmkarlarımızın qaldırdığı problemlər bəzi KİV nümayəndələri və bəzi insanlar tərəfindən başqa cür qiymətləndirilir. Bəzi insanlar elə bilirlər ki, bu məsələləri qaldırmırıqsa, yəqin danışa bilmirik və yaxud ağzımız, dilimiz yoxdur. Biz bütün məsələləri qaldıra bilərik, sadəcə, düşünürəm ki, artıq bir dəfə qaldırılmış məsələ ikinci dəfə bir də mənim tərəfimdən qaldırılarsa, bu, pafoslu çıxışa bənzəyər. Ona görə də həmin şəxsləri təkrar etməmək üçün mən bu məsələlərə toxunmuram.
Bu gün məni də narahat eləyən məsələlərdən birini Rövşən müəllim Rzayev qaldırdı. Bu, əslində, bütün Azərbaycan xalqını narahat edən çox vacib məsələdir. Çingiz müəllimin qaldırdığı məsələ də həmçinin bütün insanlarımızı narahat edir. Qənirə xanımın da qaldırdığı məsələ aktualdır. Hər bir millət vəkilinin ərazisində yaşayan əlillər var. Onların da, dövlətimizin müstəqilliyi uğrunda əlil olanların da müəyyən problemləri vardır və bu problemləri həll etmək üçün biz millət vəkillərinə müraciət edirlər. Biz də çalışırıq ki, gücümüz çatan qədər bu məsələləri həll edək.
Ona görə həmkarlarımın qaldırdığı məsələlərə dair fikirlərinə şərik çıxaraq bu məsələlərin həlli üçün əlimizdən gələn işləri görməyə hazır olduğumuzu bildirmək istəyirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən ilk öncə cənab Sədrimizin dediyi təbriklərə qoşuluram. Hesab edirəm ki, payız sessiyasının son iclası olduğu üçün biz yola saldığımız ilə qısa bir nəzər yetirsək faydalı olar.
2013-cü il ölkəmizin həm daxili, həm də xarici siyasəti üçün uğurlu oldu. Daxili siyasətdə, sosial-iqtisadi sahədə, mədəni quruculuq və digər sahələrdə irəliləyişlərə imza atıldı. Xarici siyasət sahəsində beynəlxalq mövqelərimiz möhkəmləndi. Azərbaycan yeni bazarlara çıxış əldə etdi. XXI əsrin müqaviləsi adlandırılan “Şahdəniz-2” müqaviləsi imzalandı və bu, ölkəmizin mövqelərini daha da möhkəmləndirdi. Eyni zamanda, parlamentimiz dövlət quruculuğunda, qanunvericilikdə hörmətli Sədrimizin rəhbərliyi altında mühüm rol oynadı.
Ona görə hesab edirəm ki, biz 2014-cü ilə həm yeni imkanlar, həm də böyük ümidlərlə qədəm qoyuruq. Ümid edirəm ki, 2014-cü il millətimiz və dövlətimiz üçün uğurlu olacaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İlham Əliyev.
İ.Əliyev. Hörmətli Sədr, hörmətli sədarət, hörmətli deputat həmkarlarım! Mən də fürsətdən istifadə edib qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə hamınızı təbrik edirəm.
Bu gün burada çox gözəl fikirlər söyləndi. Əlbəttə ki, həmkarım Adil müəllimin dediyi kimi, o fikirlərin hamısını təkrar eləməyə ehtiyac yoxdur, çünki müəyyən problemlər də var. Amma bu ilin sonunda, doğrudan da, hesabat vermək olar ki, 2013-cü il ölkəmiz üçün çox uğurlu oldu. İl boyu ölkəmizdə çox böyük tədbirlər keçdi, cənab Prezidentin iştirakı ilə çox gözəl obyektlər açıldı. Bunu televiziya vasitəsilə hamımız seyr eləmişik.
Amma mən istərdim ki, bir məqama toxunam. Deputat seçildiyim Xaçmaz rayonunun ərazisindən mənə çoxsaylı müraciətlər olur.  Əsasən kənd təsərrüfatı ilə məşğul olan insanlar müraciət edirlər. Bu gün onlar müəyyən problemlərlə üzləşirlər. O problemlərdən biri də ölkəyə  gətirilən gübrənin keyfiyyətində olan müəyyən çatışmazlıqlardır.
Mən inanıram ki, yeni təyin olunmuş nazirimiz bu problemlərin hamısını aradan qaldıracaq. Bu yaxınlarda onunla şəxsən görüşdüm və o problemlərin hamısını onun qarşısında qaldırdım. Qərara gəldik ki, bundan sonra Azərbaycana gətirilən gübrənin hökmən əvvəl tərkibi analiz olunsun, ondan sonra həmin şirkətlərə o gübrələri ölkəmizə gətirməyə icazə verilsin.
Azərbaycan aqrar ölkədir. Əhalinin böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olur. Gübrə keyfiyyətli olmalıdır ki, kənd təsərrüfatı məhsulu da sonda keyfiyyətli olsun, daxili və xarici bazarlarda öz keyfiyyəti ilə mənfəət gətirsin. Təşəkkür edirəm.  
Sədrlik edən. Sağ olun. Fəttah Heydərov.
F.Heydərov. Çox hörmətli Sədr, hörmətli deputat həmkarlar, media nümayəndələri, hörmətli qonaqlarımız! Bütün bu təbriklərə qoşularaq mən də qarşıdan gələn Yeni il və xüsusilə Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə hamınızı ürəkdən təbrik edirəm. Bu təbriki təkcə öz adımdan yox, ölkəmizin bütün ağsaqqalları adından sizə çatdırıram. Azərbaycan Ağsaqqallar Şurasının son vaxtlar keçirdiyi çoxlu yığıncaq və müşavirələrdə onlar bildirirlər ki, sizdən, bizim qanunvericilik hakimiyyətindən, icra hakimiyyətindən və məhkəmə hakimiyyətindən çox razıdırlar. Çünki hakimiyyətin bu üç qolunun əlbir, həmrəy işi  nəticəsində Azərbaycanımız çox böyük uğurlara gəlib çatmışdır.
Biz böyük fəxrlə qeyd edirik ki, bu gün ölkəmizin başında ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən çox müdrik, ağıllı dövlət rəhbəri İlham Əliyev dayanıb. Mən istəyirəm ki, bizim hamımızın adından hörmətli Prezidentimizi də bu bayramlar münasibətilə təbrik edək, ona uzun ömür, cansağlığı və Azərbaycanın parlaq sabahına aparan bu böyük yolda yeni-yeni uğurlar arzulayaq.
Dünya azərbaycanlılarının həmrəyliyi, həqiqətən, öz böyük töhfəsini vermişdir. 2013-cü ildə biz bu həmrəyliyin uğurlu nəticələrini gördük. O, həm siyasi, həm iqtisadi, həm də beynəlxalq arenada öz müsbət nəticələrini verdi. Bu gün dünya miqyasında tanınmış siyasi liderlərin Azərbaycana verdiyi qiymətlər də bunu sübut edir. Mən hesab edirəm ki, həmrəylik bizə həmişə və hər yerdə lazımdır. Biz hamımız fəxr eləməliyik ki, ölkəmizdə bu həmrəylik davam edir.
Müəyyən düşmən qüvvələrin təsirinə məruz qalan, onların əlinin altında çalışan, onlarla əlbir olub Azərbaycanımızın uğurlarına haradasa ləkə salmaq istəyən adamlara da deyirik ki, ağlınızı başınıza yığın, xalqımıza bu gərək deyil. Bizə bundan sonra həmrəyliyi daha da gücləndirmək lazımdır.
Sədrlik edən. Çox sağ olun, Fəttah müəllim. Hörmətli millət vəkilləri, indi gündəliyin məsələlərinə keçək. Gündəlikdə birinci üç məsələ cənab Prezident tərəfindən təqdim olunub. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə, “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Əgər etiraz eləmirsinizsə, Əli müəllim bu qanun layihələrinin üçünü də bir yerdə təqdim eləsin, sonra ayrı-ayrılıqda səsə qoyarıq. Etiraz yoxdur? Buyurun, Əli müəllim.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bildiyimiz kimi, son aylarda büdcədən maliyyələşən bir çox dövlət orqanlarında əmək haqlarının artımı ilə bağlı tədbirlər görülüb.  Onların bir hissəsi cənab Prezidentin fərmanı ilə, bir hissəsi isə qanunlara edilən dəyişikliklərlə həyata keçirilir. Təklif olunan dəyişikliklərdə İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) əmək haqqının, Konstitusiya Məhkəməsi hakimlərinin əmək haqlarının və bütün instansiyalar nəzərə alınmaqla məhkəmə hakimiyyəti orqanlarında əmək haqlarının artımı nəzərdə tutulur. Bilirsiniz ki, bu orqanlarda çalışan hakimlərin əmək haqları xüsusi qanunlarda öz əksini tapıb. Aşağı instansiyalarda faiz nisbətində artım nəzərdə tutulur.
Beləliklə, birinci qanun layihəsində təklif olunur ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda “1800” rəqəmi “2025” rəqəmi ilə əvəz edilsin. Bu, Konstitusiya Qanunu olduğuna görə biz 6 aydan sonra ona yenə səs verəcəyik. Amma o, 2013-cü il dekabr ayının 1-dən tətbiq olunacaq.
“Konstitusiya Məhkəməsi haqqında” Qanunda “1785” rəqəminin “2120”  rəqəmi ilə, “Məhkəmələr və hakimlər haqqında” Qanunda “1785” rəqəminin “2070” rəqəmi ilə əvəz edilməsi təklif olunur.
Digər hakimlərin, o cümlədən apellyasiya, birinci instansiya məhkəmələri hakimlərinin əmək  haqları faiz nisbəti ilə artırılır. Məlumat üçün qeyd etmək istəyirəm ki, məhkəmə-hüquq islahatları nəticəsində biz regionlarda da birinci instansiya məhkəmələri yaratmışıq. Yəni artıq regionlarda da birinci instansiya kimi ağır cinayət məhkəmələri, inzibati-iqtisadi məhkəmələr mövcuddur. Amma regionlarda fəaliyyət göstərən birinci instansiya məhkəmələri hakimlərinin əmək haqqı Bakı şəhərində fəaliyyət göstərən birinci instansiya məhkəmələri hakimlərinin əmək haqqından bir qədər fərqli, yəni daha az idi.
Cənab Prezident tərəfindən təqdim olunmuş layihə ətrafında  müzakirələr aparıldı, Məhkəmə-Hüquq Şurasının təklifləri də nəzərə alındı. İndi bu üçüncü layihədə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin birinci hissəsinin beşinci abzasında “60 faizi” sözlərinin  “70 faizi” sözləri ilə əvəz olunması təklif olunur.  Yəni bu qanunla biz həm də regionlarda fəaliyyət göstərən birinci instansiya məhkəmələri hakimlərinin əmək haqlarını kifayət qədər artırmış oluruq. 
Hesab edirəm ki, büdcədən maliyyələşən bütün dövlət hakimiyyəti orqanlarında əmək haqlarının artımı fonunda bizim indi, ümidvaram ki, səs verib dəstəkləyəcəyimiz bu qanun layihələri də əhəmiyyətlidir. Bütün həmkarlarımıza da işlərində uğurlar arzulayıram. Çox sağ olun.  
Sədrlik edən. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Şübhəsiz ki, bu qanunlara edilən əlavə və dəyişikliklərin hamısı günün tələblərinə uyğundur. Ölkədə gedən iqtisadi inkişafa, yüksəlişə uyğun olaraq əhalinin bütün təbəqələrinin, o cümlədən də ombudsmanın, hakimlərin, dövlət qulluqçularının sosial müdafiəsi daha da gücləndirilir. Bu, təqdirəlayiq  haldır. Əlbəttə, maaşların artırılması korrupsiyaya qarşı mübarizə istiqamətində apardığımız işin də bir hissəsidir.
Amma burada bir məsələ məni bir az narahat edir. Əli müəllim qeyd etdi ki, Konstitusiya Qanununun qəbul olunma qaydaları var. O, 6 ay keçdikdən sonra yenidən səsə qoyulur və əgər yenə səs qazanarsa, qüvvəyə minir. Bu bir prosedurdur, olmalıdır.
Amma bizdə iqtisadi yüksəliş artıq o qədər sürətlə gedir ki, bəlkə bundan sonra hər il əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı maaşların artırılması məsələsi qoyuldu. Ona görə düşünürəm ki, bəlkə artıq maaşların hədlərinin göstərilməsi məsələsini qanunlardan, ümumiyyətlə, çıxaraq və bu, ayrıca, tamamilə başqa bir qaydada tənzimlənsin. Yəni maaşların artımı büdcə məsələləri müzakirə olunanda büdcə ilə bağlı hansısa bir sənəddə və yaxud dövlət başçısının müvafiq sərəncamlarında öz əksini tapsın.
Mənə elə gəlir ki, biz qanunlardan bu məsələləri çıxarsaydıq daha məqsədəuyğun olar və bu, artıq heç kimdə suallar doğurmazdı ki, necə olur, qanun qüvvəyə minməmiş onun tətbiqinə başlanır. Şübhəsiz ki, bu, humanist baxımdan, sosial müdafiə baxımından düzgündür, normaldır. Amma digər bir baxımdan müəyyən fikirlər və kazuslar da yaradır. Şübhəsiz ki, bu, mübahisəli məsələdir və bunun lehinə də, əleyhinə də kifayət qədər arqumentlər gətirmək olar. Amma mənə elə gəlir ki, ümumiyyətlə, prinsipial olaraq bütün qanunlarımızdan maaşlarımızın göstərilməsi məsələsini çıxarsaq, daha məqsədəuyğun olar. Bu, ölkədə gedən quruculuq, inkişaf siyasətinə də tam uyğun olardı. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Çox sağ olun, hörmətli Sədr. Mən bir məsələyə qısaca olaraq münasibət bildirmək istəyirəm. Həqiqətən, burada hüquqi problem yaranır. Təbii ki, biz maaşın artırılmasının lehinəyik. Amma maddə 2-də yazılıb ki, bu, dekabrın 1-dən tətbiq edilir. Mən buna bir hüquqşünas kimi münasibətimi bildirməyə bilməzdim. Buna ciddi diqqət yetirilməlidir. Deyək ki, qanun layihəsi 6 aydan sonra təzədən səsə qoyuldu və keçmədi. Onda necə olacaq, aldığı maaş təzədən büdcəyə qaytarılacaq? Bunun başqa bir yolunu tapmaq lazımdır. Bu qədər hüquqa zidd formada maaş qaldırmaq, açığı, məntiqsiz görünür. Ona görə buna diqqət eləmək lazımdır. Mən tərəfdaram, maaş qalxsın. Amma bunu elə formada eləyək ki, hüquq da pozulmasın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Vaxtilə biz ombudsmanın xüsusi statusunu nəzərə alaraq onun haqqında Konstitusiya Qanunu qəbul etmişdik. Bizim ombudsmanın fəaliyyəti Konstitusiya Qanunu ilə tənzimlənir. Bu qanuna zaman-zaman dəyişiklik edilməsinə baxmayaraq, ombudsmanın fəaliyyətinin Konstitusiya Qanunu ilə tənzimlənməsinin hüquqi dövlətdə xüsusi əhəmiyyəti var. Bu onun həm də müstəqilliyinin atributlarından biridir.
Konkret olaraq bu qanuna gəlincə, burada heç bir hüquqi ziddiyyət yaranmır. Biz bu qanuna səs veririk.  O, təbii ki, qüvvəyə minmir, 6 aydan sonra yenidən səsə qoyulur. Qəbul olunarsa, qüvvəyə minir.  Biz qanunda tamamilə düzgün olaraq nəzərdə tutmuşuq ki, bu müddəa dekabrın 1-dən tətbiq olunacaq. Yəni əmək haqqına bu müddətdəki artım da əldə oluna biləcək. Burada, əslində, heç bir ziddiyyət yoxdur. Konstitusiya Qanununun qüvvəyə minmə proseduruna əgər biz mənim opponentlərimin məntiqi ilə yanaşsaq, gərək deyək ki, ona heç zaman dəyişiklik eləmək mümkün deyil.
Biz bu qanuna ombudsmanın səlahiyyətləri ilə, oradakı qurumlarla bağlı dəfələrlə dəyişiklik etmişik. Müəyyən müddət keçənədək o məsələlərlə bağlı heç bir fəaliyyət göstərilmir. Qanun qüvvəyə mindikdən sonra prosedur işə düşür. İndiyədək də biz ombudsmanın əmək haqqını artırmışıq və o, təbii ki, qanun qüvvəyə minənədək gözləyib. Nəzərdə tutulan artım qanun qüvvəyə mindikdən sonra əldə edilə bilər. Yəni bu, sadəcə, prosedur bir məsələdir. Əgər parlament növbəti səsvermədə qanunu qəbul etmirsə, əlbəttə ki, heç nə baş vermir. Yəni bu üstünlük əldə olunmur.
Sədrlik edən. Deməli, Əli müəllim, mən hüquqşünas olmasam da, bir balaca izahat verim. Biz bu Konstitusiya Qanununu qəbul edirik və bu dəyişiklik dekabr ayının 1-dən tətbiq edilir. Amma ombudsman maaşına əlavə olunan məbləği almır. O, yeni əmək haqqını 6 ay sonra, iyun ayından başlayaraq alacaq. Bu qanun əgər təsdiq olunmasa, o, yeni maaşını almamış olacaq. Burada nə qanunsuzluq, nə uyğunsuzluq var? Yeni əmək haqqı yazılacaq, amma həmin artımı o, yalnız 6 ay sonra, Konstitusiya Qanunu təsdiq olunandan sonra alacaq. Vəssalam. Əgər başqa bir...
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Onda xahiş edirəm, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 102
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İkinci məsələ “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi haqqında. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti, 4-cü məsələsi – “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişin təsdiq edilməsi barədə. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar! Bu qanun layihəsi ilə əlaqədar onu deyə bilərəm ki, 2003-cü ildə Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında imzalanıb təsdiq edilmiş saziş 10 il müddətinə nəzərdə tutulmuşdu. Bu il dekabr ayının sonunda həmin sənədin müddəti başa çatır. 10 illik müddət başa çatdığına görə yenidən 5 il müddətinə uzadılır. Ona görə xahiş edirəm, bu qanun layihəsinə səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Asim Mollazadə buyursun.
A.Mollazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu sazişin vaxtının uzadılması, əslində, Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən müasir silahlı qüvvələri ilə əməkdaşlığını təmin edir. Azərbaycan dövləti hər zaman öz silahlı qüvvələrinin gücü və müasirliyi ilə qürur duymalıdır. Dünyanın ən güclü və müasir hərbi qüvvələri ilə əməkdaşlıq Azərbaycan dövlətinə ancaq xeyir gətirə bilər.
Amma bir məqamı mən xüsusi qeyd etmək istərdim. Azərbaycan öz ordusunu qüvvətləndirir, lakin Azərbaycan xalqının, Azərbaycan dövlətinin əsas arzusu sülhdür. Bu gün parlamentdə Qarabağın azərbaycanlı icmasının nümayəndəsi çıxış etdi və Qarabağın azərbaycanlı icmasının Qarabağda erməni icması ilə danışıqlarının baş tutması üçün bizdən dəstək istədi. Bu yenə də onu nümayiş etdirir ki, Azərbaycan xalqı sülhə hazırdır, Azərbaycan xalqı sülh istəyir. Lakin Ermənistan hətta sülh danışıqlarının imitasiyasına belə son qoyur. Ermənistan nümayəndələri icmaların görüşündən imtina edir. Baxmayaraq ki, onlara bu dəfələrlə təklif edilib.
Bu şəraitdə Azərbaycan məcburdur ki, yenə öz müdafiəsinə ciddi diqqət yetirsin və silahlı qüvvələrini müasir səviyyədə inkişaf etdirsin. Onun üçün mən xahiş edərdim, bu sazişi təsdiq etməklə Azərbaycan Silahlı Qüvvələrinə dəstək verək. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, gündəliyin növbəti məsələləri, yəni 5–15-ci məsələlər şəxsiyyət vəsiqələri ilə bağlı qanunlara dəyişikliklər edilməsi haqqında qanun layihələridir. Əgər etiraz etmirsinizsə, 5–15-ci məsələlərə də Əli müəllim bir yerdə fikrini bildirsin. Sonra ayrı-ayrılıqda müzakirə edib səsə qoyarıq. Etiraz yoxdur? Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Məsələ bundadır ki, biz bir neçə il bundan əvvəl yeni nəsil şəxsiyyət vəsiqələrinin, yəni Avropa İttifaqı standartlarına uyğun olan şəxsiyyət vəsiqələrinin hazırlanması ilə bağlı qanunvericiliyimizə – burada adları çəkilən qanunlara dəyişikliklər etdik. Bu müddətdə müvafiq icra hakimiyyəti orqanları, Daxili İşlər Nazirliyi fəaliyyətə başlayıb bunun üzərində çalışırlar. Amma qanunun qüvvəyə minməsinədək görüləcək bir sıra işlər, maddi-texniki məsələlər var. Məhz buna görə qanunun 2014-cü il yanvar ayının 1-dən yox, 2015-ci il dekabrın 1-dən sonra qüvvəyə minməsi ilə bağlı müraciət olunub. Cənab Prezident də qanunun qüvvəyə minməsi ilə bağlı bütün qanunlara dəyişiklik etmək məqsədi ilə bizə layihə təqdim etmişdir. Yəni bu, qanunun qüvvəyə minməsi ilə bağlı sırf prosedur bir məsələdir. Ona görə hörmətli millət vəkillərindən xahiş edirəm ki, bu təklifi dəstəkləsinlər. Çünki qanunun indi qüvvəyə minməsi mümkün deyil. Çox sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm, 5-ci məsələyə – “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsi. Münasibət bildirək, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələyə – “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli Qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Münasibət bildirək, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələyə – “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirək, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələyə – “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli Qanununda dəyişiklik edilməsi haqqında. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.58 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, bu paketə daxil olan axırıncı məsələ – “Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli Qanununda dəyişiklik edilməsi haqqında. Bu qanun layihəsinə də xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında qanun layihəsidir.
Hörmətli deputatlar, mən sizə bu qanun layihəsi haqqında qısaca arayış vermək istəyirəm. Qanun layihəsinin mahiyyəti nədən ibarətdir. Buraya həm redaktə, həm də mahiyyət xarakterli dəyişikliklər edilir. Bu da onunla bağlıdır ki, biz 2012-ci ilin may ayında “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun qəbul etmişik. Həmin dəyişikliklərin mahiyyəti bu Qanunu “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna uyğunlaşdırmaqdan ibarətdir. Əgər çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti qanun layihəsi “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Ziyafət müəllim, icazə versəydiniz, mahiyyəti eyni olduğuna görə 17, 18, 19 və 20-ci məsələləri birlikdə təqdim edərdim.
Sədrlik edən. Buyurun. 
Ə.Hüseynli. Hörmətli Ziyafət müəllimin söylədiyi kimi, parlamentdə hazırlanmış, qəbul olunmuş və cənab Prezident tərəfindən imzalanmış “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” xüsusi bir Qanun var.
Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, bütün postsovet məkanında, Şərqi Avropa ölkələrində tutulma, həbsəalma dövrü xüsusi bir problemdir. Biz bu yaxınlarda Rusiya Federasiyasında soydaşımızın həbsi ilə bağlı prosesləri izləyəndə gördük ki, postsovet məkanında bu məsələlər heç də müasir standartlara uyğun tənzimlənmir. Amma artıq iki ildir ki, Azərbaycanın Avropa İttifaqı, ATƏT standartlarına tam cavab verən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunu mövcuddur. Bu qanunun hazırlanmasında ATƏT-in bizə texniki yardım göstərməsinə baxmayaraq, ona Azərbaycanın milli ekspertləri – Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin sədri Lətif Hüseynov, Azərbaycanın Avropa Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov və bizim parlamentin bir çox peşəkar nümayəndələri tərəfindən rəy verilib.
Biz yarım saatlıq müzakirədə həmkarımız İqbal Ağazadə tərəfindən Azərbaycanın hüquq mühafizə, məhkəmə sistemi ilə bağlı tənqidi fikirlər eşitdik. Amma bu gün qəbul etdiyimiz normalar onun bariz nümunəsidir ki, Azərbaycan, əslində, Avropa ölkələri üçün  nümunədir.
Bir neçə ay bundan əvvəl bizim də əməkdaşlar Sloveniyada həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı bir müzakirə keçiriblər. Orada bir çox Avropa ölkələrinin hüquq mühafizə orqanlarının nümayəndələri məhz bizim qanunun tərcümə olunmuş variantı ilə tanış olmaq istədiklərini bildiriblər. Hüquqşünas həmkarımız Lətif Hüseynov da təsdiq edə bilər ki, bizim bu qanunumuzdakı normalar   hətta inkişaf etmiş Qərbi Avropa ölkələrində belə nəzərdə tutulmayıb. Söhbət həbs olunan şəxsin hüquqlarından gedir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun qüvvədə olmasına baxmayaraq, hüquq mühafizə orqanları, əsasən, aidiyyəti qanunlarla – ilk növbədə Cinayət-Prosessual Məcəlləsi ilə, Cinayət Məcəlləsi ilə, “Polis haqqında” Qanunla çalışırlar. Biz isə indi qüvvədə olan normaların müvafiq qanunlara implementasiyasını həyata keçiririk. Hesab edirəm ki, bu, hüquq mühafizə orqanlarının fəaliyyəti üçün əhəmiyyətlidir.
Məlumat üçün onu da deyim ki, son dövrdə penitensiar sistemdə çox ciddi islahatlar həyata keçirilib. Şəkidə yeni istintaq təcridxanası artıq dünəndən rəsmi fəaliyyətə başlayıb. Əgər həmkarlarımız – millət vəkilləri onu görərlərsə, təsdiq edərlər ki, Azərbaycanda məhkumların, həbs olunan şəxslərin hüquqlarının müdafiəsi, onların saxlanılma şəraiti, həqiqətən də, Avropada ən yaxşı bir nümunə kimi göstərilə bilər.
Mən hörmətli millət vəkillərindən bu dörd layihəyə səs vermələrini xahiş edirəm. Bu layihələrdə təklif edilən dəyişikliklər, əlbəttə ki, texniki xarakterlidir. Amma tətbiqi baxımından əhəmiyyətlidir. Çünki bu dəyişikliklər müvafiq orqanların tətbiq etdiyi qanunlarda öz əksini tapır. Çox sağ olun, Ziyafət müəllim. 
Sədrlik edən. Əli müəllim, çox sağ olun. Geniş, çox məzmunlu şərh idi. Görək Zahid müəllim nə deyəcək. Buyurun, Zahid Oruc. 
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən bu qanunların müdafiəsi üçün çıxışa yazılmışam. Öncə qeyd edim ki, burada ayrı-ayrı media orqanlarının təqdim etdikləri kimi, söhbət heç bir halda hansısa dövlət orqanının səlahiyyətlərinin azaldılması və başqa bir quruma verilməsindən getmir. İkincisi, hörmətli Əli müəllim çox haqlı olaraq Azərbaycanı bəzi MDB ölkələri ilə, xüsusilə də Rusiya ilə müqayisə etdi. Zənn edirəm ki, Rusiyada sadə bir Azərbaycan vətəndaşının daxili işlər nazirinin kabinetinə gətirilərək o cür mənəvi, fiziki işgəncəyə məruz qalmasını o ölkədə hüquq sisteminin durumu kimi təqdim etməyə haqqımız var.
Şübhəsiz ki, bu dövr ərzində Azərbaycanın hüquq mühafizə orqanlarının fəaliyyətini tənzimləyən qanunlar beynəlxalq standartlara tam cavab verən bir səviyyəyə gətirilib. Əli müəllimin burada qeyd etdiyi kimi, həbs olunan şəxslərin mühakimə olunana, hökm çıxarılana və məhkumluq vəziyyətinə gəlib  çatana qədər bütün insan haqlarının müdafiəsinin təmin  olunması çox önəmli məsələlərdən biridir. Burada belə şəxslərin birbaşa yaxın qohumları ilə əlaqəsi, dərhal vəkillə təminatı və sair çox önəmli yer tutur.
Çox təəssüf edirəm ki, bu məsələ ətrafında yenə siyasi çəkişmə faktları çoxdur. Bəlkə də 1990-cı illərin əvvəllərində Azərbaycanda bu hüquqi  tələblər, hüquqi şərtlər tam bərqərar olunana qədər hansısa çatışmazlıqlar, qüsur və nöqsanlar ola bilərdi. Amma ötən müddət ərzində polisin fəaliyyəti kifayət qədər təkmilləşib. Ona görə də mən birmənalı olaraq bu sənədləri müdafiə edirəm.
Amma parlament üzvlərinin hər hansı bir şəkildə kiminsə qanunsuz həbs olunması barədə çıxış edib bunun əleyhinə  arqumentləşdirilmiş mövqe tutmasının tamamilə əleyhinəyəm. Parlament məhkəmə orqanının səlahiyyətlərini həyata keçirmir. Təbii ki, digər hakimiyyət qolları da bizim səlahiyyətlərimizə müdaxilə etsə, bu bizim tərəfimizdən müsbət qarşılanmayacaq.
Hörmətli Ziyafət müəllim, son olaraq bir təkliflə də çıxış etmək istəyirəm. Birbaşa bu sənədlərlə bağlı deyil, amma hesab edirəm ki, parlament fəaliyyətinə aidiyyəti var. Biz bu müzakirələrdə hər zaman Daxili Nizamnaməyə söykənib iclaslarımızı aparırıq. Daxili Nizamnamədə bütün iclasların yetərsay şəraitində keçirilməsi müddəası əksini tapıbdır. Düşünürəm ki, bu tamamilə gərəksiz, köhnəlmiş və bayaqdan istinad etdiyimiz beynəlxalq konyunkturaya,  standartlara uyğun olmayan bir müddəa və bəlkə də sovet dönəmindən qalmış bir maddədir.
Dünyanın əksər ölkələrində parlamentin fəaliyyəti üçün sadə səs çoxluğu prinsipi tətbiq olunur. Biz o ölkələrin parlamentlərini ziyarət edəndə, iclaslarına qatılanda bunların şahidi olmuşuq. Məsələn, Fransa Senatı Türkiyə əleyhinə bədnam saxta soyqırımı sənədini qəbul edəndə 450 nəfərdən cəmi 103-ü iştirak edirdi. Onlarla bu cür misal göstərə bilərəm.
Burada yalnız Konstitusiya qanunları istisna təşkil edir. Amma biz əgər ümumi statistik qrafikə baxsaq, görərik ki, parlament il ərzində Konstitusiya  hüquqi qüvvəsini daşıyan sənədlərin maksimum 4-5-ni qəbul edib. Onlara üçdə iki prinsipini tətbiq etmək olar, bu, konstitusion normadır. Amma qalanları haqqında bunu demək olmaz.
Mən bu məsələni həm də ona görə qabardıram ki, bəzən vestibüldə bizi görən, yaxşı mənada bütün fikirlərimizi cəmiyyətə çatdıran, hətta ayrı-ayrı eyiblərimizi də ictimaiyyətə təqdim edən mətbuat orqanları üçün gərəksiz bir səhnə yaratmayaq. Parlament üzvlərinin 30-40 nəfəri iştirak etdiyi təqdirdə müzakirələr hüquqi xarakterlidir. Kim istəyirsə, gəlib o sənədlərin müzakirəsində iştirak etsin və səs versin. Səsverməni hətta başqa mexanizmlə də təmin eləmək olar.
Nəhayət, bizim hüquqi zehnimiz bunu qəbul etməlidir və mən bu müddəanı da gələcəkdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən umuram, istəyirəm. Bütövlükdə mən bu sənədə səs verəcəyəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Adil Əliyev.
A.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Amma mən bu qanunun tam əksini düşünürəm. Nəyə görə?  Hörmətli Əli müəllim çox gözəl izah elədi ki, qanunsuz həbs olunanlar və yaxud polis idarələrinə, bölmələrinə qeyri-qanuni gətirilənlər üçün bu çox gözəl qanundur. Ancaq bilirsiniz ki, hazırda cinayətkar qruplar da var və bu cür qrupların həbs olunan üzvləri ətrafında əməliyyat-axtarış tədbirlərinin aparılması üçün polis bölmələri və ya idarələrində onların saxlanılması vaxtı çox azdır, məhduddur. Bu isə onların ətrafında lazımi əməliyyat-axtarış  tədbirlərinin aparılmasına və müvafiq olaraq müəyyən cinayətlərin açılmasına imkan yaratmır. Ona görə də müvəqqəti saxlama istintaq məntəqələrinin polis bölmələrindən kənarda olması, təbii ki, bu cinayətlərin açılmamasına gətirib çıxarır.
Mən hesab edirəm ki, əgər müvəqqəti saxlama məntəqələri hər bir bölmənin və ya idarənin həyətində olsa, daha əlverişli olar. Çünki bu gün polis əməkdaşları uzaq məsafədə yerləşən istintaq təcridxanasında saxlanılan və hələ cinayəti sübut olunmayan bir insanla lazımi iş aparmaq üçün çox çətinliklər çəkirlər. Ona görə də mən düşünürəm ki, belə təcridxanalarda cinayətkarların saxlanılması vaxtını məhdudlaşdırmaq olmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən, əvvəla, bu məsələdə Adil müəllimlə həmfikirəm. Horadizdə saxlanılanlara ən yaxın məntəqə Gəncə və ya Şəkidir ki, bu da 300 kilometrə qədər yol  edir. Hər gün də oraya kimsə gedib-gəlməlidir. Bu, əməliyyat-axtarış işlərində, təbii ki, çətinliklər törədəcək. Adil müəllimin dediklərində həqiqət var.
Mən başqa məqsədlə söz almışam. Son zamanlar  məni həbsxanalara tez-tez dəvət edirlər, dustaqlarla görüşürəm. O dustaqların bir xahişini demək istəyirəm. Bunu Əli müəllimə təklikdə də  deyə bilərdim, amma qoy millət vəkilləri də bilsinlər.
Həqiqətən, penitensiar xidmətdə çox gözəl islahatlar aparılır. Hətta islahatlar o yerə çatıb ki, artıq həbsxanada Əli Hüseynlinin layihəsi olan “Rezonans” televiziya verilişi var. Bu veriliş “Xəzər” telekanalı ilə yayımlanır. Orada aparıcı da, rejissor da, montaj edən də – kim varsa, hamısı həbsxanada yatan dustaqlardır. Onlar həmin verilişdə öz ürək sözlərini çox açıq şəkildə camaata, ailələrinə çatdırırlar.
Onlar mənimlə görüşlərində buna görə Əli müəllimə  təşəkkürlərini çatdırmağı xahiş etmişdilər. Millət vəkilləri də bilsinlər ki, Əli müəllim, mən o dustaqların salamını Sizə çatdırdım. Diqqətinizə görə sağ olun. 

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun.  Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Mənim hörmətli həmkarlarım tərəfindən həssas kontingent olan məhkumların, ittiham olunan şəxslərin vəziyyəti ilə bağlı söylənilənlər Azərbaycanda insan hüquqlarının vəziyyətinin, əslində, nə dərəcədə müsbət olmasının bir göstəricisidir.
Mən hörmətli Adil müəllimin mövqeyinə münasibətimi bir açıqlama ilə bildirmək istəyirəm. Həqiqətən, bu yeni standartlar  hüquq mühafizə, xüsusən də polis və penitensiar orqanların əməkdaşları üçün ilkin anda çətin görünə bilərdi. Amma çox təqdirəlayiq haldır və bunu xüsusi vurğulamaq istəyirəm ki, biz bu qanun layihəsini işləyib hazırlayarkən məhz Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin həm müvafiq əməkdaşları, həm də rəhbərləri bu qanunun ATƏT və Avropa İttifaqı standartlarına uyğunlaşdırılması istiqamətində özləri bir çox təkliflər verdilər.
İndi həm Daxili İşlər Nazirliyi, həm də Penitensiar Xidmət bu qanunun icrası ilə bağlı  bütün maddi-texniki təminat işlərini görüblər və mən tam məsuliyyətlə deyirəm ki, qanunun tətbiqi ilə bağlı artıq heç bir narahatçılıq yoxdur. Əksinə, bu qanun həm də kömək edir ki, həmin orqanların əməkdaşları əsassız ittihamlardan xilas olsunlar.
Bir qısa praktik misal demək istəyirəm. Ənənəvi olaraq bizim opponentlər, müxaliflər, bəzən də bu siyasətlə məşğul olan vəkillər həbs olunan şəxsin tutulduğu andan ittiham irəli sürürdülər ki, ona işgəncə verilib. Polis orqanları bunu etmədiklərini sübut etmək imkanına malik deyildilər. Nə üçün? Çünki şəxsin tutulduğu andan həkim dəvət olunması qanunvericilikdə yox idi. Bu məsələlər protokollaşdırılmırdı. İndi qanun, əslində, həm də polis orqanlarını sonradan əsassız ittihamlardan xilas edən normalar nəzərdə tutur. Yəni tutulan şəxs artıq həmin anda  həkim müayinəsindən keçirilə və vəkillə təmin oluna bilər. Beləliklə, bu qanunun tətbiqi daha çox sonradan hüquq mühafizə və istintaq orqanlarının əsassız ittihamlardan müdafiə olunmasına yönəlmişdir. Bu baxımdan həmin orqanlar bu qanunun qeyd olunan müddəalarını dəstəkləyirlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. 17-ci məsələ. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
18-ci məsələ. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 19-cu məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında  20-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti, 21-ci məsələ. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında. Buyursun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İnzibati Xətalar Məcəlləsinə təklif olunan bu dəyişiklik sosial sahədəki qanunvericiliklə bağlıdır. Daha dəqiq desəm, “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanunun tələbindən irəli gəlir. Belə ki, həmin qanunda icbari dispanserizasiya qanunvericiliyinin, yəni müvafiq qanunun tələblərinin pozulmasına və bu cür halların qarşısının alınmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İndi biz bu qanunun tələbindən irəli gələn müddəaları icra etmiş oluruq. Müvafiq inzibati xətaya görə həm fiziki, həm vəzifəli, həm də hüquqi şəxslər üçün cərimə sanksiyaları nəzərdə tutulur. Yəni əvvəl qəbul etdiyimiz qanun tələbindən irəli gələn bir müddəadır. Çox sağ olun.
Sədrlik edən. Əgər başqa bir təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Növbəti məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər kifayət qədər əhəmiyyətli bir məsələdir. Qısaca məlumat vermək istəyirəm ki, bu, müəyyən mənada həm də vergi tənzimlənməsi ilə bağlıdır. Əmək münasibətlərinə vergi nəzarətinin gücləndirilməsi, işçilərin sayının və iş yerlərinin düzgün rəsmiləşdirilməsi, əmək haqlarının real orta aylıq əmək haqqına uyğunlaşdırılmasının nəzarətdə saxlanılması kimi vacib məsələlərin həllinə yönəlir. Gördüyünüz kimi, layihədə diqqət daha çox informasiya-kommunikasiya texnologiyalarının imkanlarından  istifadəyə, bu müqavilələrin elektron üsulda qeydiyyatına yönəlib.
Hörmətli həmkarlarım, qeyd etmək istəyirəm ki, bu sahədə beynəlxalq təcrübə də öyrənilib. Bir çox Avropa ölkələrində məhz əmək müqavilələrinin elektron qaydada qeydiyyata alınması və onların vahid reyestrinin aparılması nəzərdə tutulur. Belə olan halda bununla bağlı vergi məsələlərinin də həlli kifayət qədər asanlaşmış olur. Yəni qanun layihəsinin əsas mahiyyəti əmək müqavilələrinin elektron qaydada qeydiyyata alınmasıdır. Düşünürəm ki, bu həm də 2013-cü ilin  “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması ilə bağlı  aidiyyəti dövlət orqanları tərəfindən həyata keçirilən işlərin məntiqi nəticəsidir. Hesab edirəm ki, bu daha çox işləyənlərin hüquqlarının müdafiəsinə yönəlib. Təbii ki, işəgötürənlər də bu qanundan irəli gələn bütün tələbləri icra etməyə borclu olacaqlar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Oqtay müəllim, mənim çıxışım həm Əmək Məcəlləsinə, həm də başqa sənədlərə edilən dəyişikliklərlə bağlıdır. Olarmı ki, mən o biri məsələlərlə bağlı da çıxış edim?
Sədrlik edən. Buyurun.
E.Axundova. Bu məsələlərlə əlaqədar başqa sənədlərə də müəyyən dəyişikliklər olacaq. Bununla bağlı bir-iki təklif vermək istəyirdim. Mən həm komitələrin birgə iclasında, həm də 2013-cü ilin büdcə müzakirəsi zamanı demişdim ki, hazırda əhalinin gəlirlərinin müəyyən hissəsi qeyri-leqaldır, məişət, ticarət, tikinti və digər sahələrdə insanların bir çoxu əmək müqaviləsi olmadan işləyirlər. Bunun üçün aidiyyəti qurumlara təklif etmişdim ki, bu böyük işçi qüvvəsinin vergi və sosial sığorta ödəyicisinə çevrilməsi üçün lazımi hüquqi tədbirlər görülsün. Bu baxımdan da şadam ki, həmin məsələ ilə bağlı həm Əmək Məcəlləsinə, həm İnzibati Xətalar Məcəlləsinə, həm də digər qanunvericilik aktlarına müvafiq dəyişikliklər hazırlanaraq bu gün müzakirəyə təqdim olunub.
Mən hər bir halda ödənişlərdən yayınmanın qarşısını almaq üçün qanunvericilikdə lazımi dəyişikliklərin edilməsinin tərəfdarıyam. Amma bununla belə, biz gərək vergidən yayınmaya səbəb olan halları da araşdıraq. Nə üçün sahibkarlar işçini əmək müqaviləsi bağlamadan çalışdırırlar? Nə üçün sahibkarlar vergi ödəməkdən yayınırlar? Bununla bağlı bir-iki məqamı qeyd etmək istərdim. Birincisi, kiçik və orta sahibkarlar işçilərə böyük məbləğdə əmək haqqı verə bilmədikləri üçün işçinin yerinə vergini və pensiyanı özləri ödəyirlər ki, onlar, heç olmasa, 200–300 manatı ala bilsinlər. Əgər sahibkarın 4–5 işçisi varsa, bu onun üçün hər ay ən azı 500–600 manat əlavə xərc deməkdir. Amma onun işçiləri daha çox olduqda bu məbləğ kəskin şəkildə artacaq.
İkincisi, əksər iş yerlərində işçilərin özləri əmək müqaviləsi bağlanmasında maraqlı olmurlar, çünki vergi və pensiya ödənişlərinin maaşlarından tutulmasını istəmirlər. Bunun üçün düşünürəm, gələn il mütəxəssislərin də rəyi nəzərə alınmaqla vergi dərəcələrinə yenidən baxmaq lazımdır ki, hər kəs müqavilə bağlasın. Hazırda bilirsiniz ki, 14 faiz vergiyə, 25 faiz də pensiya fonduna ödənişdir. Düşünürəm ki, bu rəqəmlərin azaldılması haqqında fikirləşmək olardı.
23 və 24-cü məsələləri nəzərdə tuturam, kəskin dəyişikliklərlə, sahibkarı, fiziki, hüquqi şəxsləri 3 ilədək azadlıqdan məhrum etməklə onları müəyyən dərəcədə çətin vəziyyətə sala bilərik. Məncə, bu cür sərt cəzaları görən orta və kiçik sahibkarlar ticarət obyektlərində və sair iş yerlərində ixtisarlar aparacaq. Bu da nəticədə yeni işsizlərin peyda olmasına səbəb ola bilər. Əvvəl 10 işçi çalışdıran sahibkar 6–7 nəfəri işdən çıxaracaq və 3,4 nəfəri onların yerinə çalışdıracaq ki, xərclər azalsın. Bu da nəticədə işçilərin daha artıq çalışdırılmasına, onların əmək hüquqlarının pozulmasına səbəb ola bilər. Əlbəttə, qeyd etdiklərim bu gün dəyişikliklər edilən qanunların bilavasitə predmeti olmasa da, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olsa da, təklif edərdim, vergi və pensiya ödənişlərinin məbləğinə yenidən baxılsın ki, gələcəkdə yuxarıda qeyd etdiyim neqativ hallarla qarşılaşmayaq. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Mənim redaktə xarakterli 3 təklifim var. Birinci təklifim 3-cü maddəyədir. Bu maddənin adı layihədə belədir: “Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən məfhumların anlayışları”. Yaxşı olardı, yazılsın ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyində istifadə olunan əsas anlayışlar, mötərizədə göstərilsin ki, məfhumlar.
İkinci təklifim 3-cü maddənin 3-cü bəndinə aiddir. Mən bunu oxuyub vaxtınızı almaq istəmirəm, ancaq təklifimi demək istəyirəm. Yaxşı olardı, belə yazılsın: İşəgötürən – işçilərlə əmək müqaviləsi (kontrakt) bağlayan və ona xitam verən, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik olan tam fəaliyyət qabiliyyətli mülkiyyətçi və ya onun müvəkkil etdiyi müəssisə rəhbəri, səlahiyyətli orqan, fiziki şəxs.
Üçüncü təklifim 7-ci maddəyə aiddir. Bu maddə belə adlanır: “Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi”. Yaxşı olardı, yazılsın ki, əmək münasibətlərinin qanunvericilik və müqavilə üzrə tənzimlənməsi. “Müqavilə bağlamaq” sözləri artıqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, Əmək Məcəlləsinə edilən bu dəyişikliklər çox mühümdür. İşçi ilə işəgötürən, işəgötürənlə müvafiq icra hakimiyyəti, vergi, əmək və əhalinin sosial müdafiəsi orqanları arasındakı münasibətlərin daha sivil, daha müasir və daha hüquqi müstəviyə gətirilməsi üçün belə dəyişikliyin olması çox zəruridir. O cümlədən mən də hörmətli Əli müəllimin o fikri ilə razıyam ki, gələn il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunub və Azərbaycanda elektron hökumət qurulması prosesi sürətlə davam edir. Əmək münasibətlərinin də elektron hökumət səviyyəsinə qaldırılması çox yaxşı bir haldır və heç şübhəsiz ki, bu dəyişikliklərə səs verəcəyəm.
Eyni zamanda, müəyyən suallar da var. İstəyirəm ki, o suallara cavab verilsin. Birinci növbədə, yaxşı olardı ki, əmək, sosial məsələlərlə bağlı bu əlavə və dəyişikliklər bizim komitədə də müzakirə olunaydı və bizim mütəxəssislər də öz sözlərini deyəydi. Ola bilsin, ya yaddan çıxıb, ya da hansı səbəbdənsə lazım bilməyiblər. Bu məsələyə həm Sosial siyasət komitəsində, həm də İqtisadi siyasət komitəsində baxılmalı idi və təkliflər söylənilməli idi.
Burada müvafiq icra hakimiyyəti orqanı deyiləndə kim nəzərdə tutulur, hansı müvafiq icra hakimiyyəti orqanına məlumat veriləcək? Əli müəllimin çıxışından belə hiss etdim ki, Vergilər Nazirliyi nəzərdə tutulur. Amma hesab edirəm, bu daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətində olan bir məsələdir. Burada söhbət başlıca olaraq işçinin hüquqlarının müdafiəsindən getməlidir. Vergilərin yığılması yollarını onlar yaxşı bilirlər və o yolla vergiləri də yığırlar. Amma bunlar birinci növbədə işçinin hüquqlarının müdafiəsinə yönələn dəyişikliklərdir. Hesab edirəm, müvafiq informasiya da həmin quruma verilməlidir ki, onlar işçinin hüquqlarını müdafiə edə bilsinlər.
Sonra, burada qeyd olunur ki, elektron əmək münasibətləri elektron informasiya sisteminə daxil edildikdən sonra qüvvəyə minir və işəgötürənə bu barədə bir gün ərzində məlumat verilir. Hesab edirəm ki, işəgötürənə məlumat verilməklə yanaşı, işə qəbul olunan vətəndaşa da o məlumat verilməlidir. Onun əlində həmin sənəd olmalıdır ki, sabah hər hansı bir sahibkar onu aldatmasın, yaxud da hüquqları lazımi orqanlar tərəfindən qorunsun.
Digər tərəfdən, yaxşı olardı, həm bildirişdə, həm də əmək müqaviləsində işəgötürənlə işçi arasındakı əmək haqqı məsələsi də öz əksini tapsın. Yəni burada əsas məqsəd vergidən yayınmanın, işçinin əmək haqqının az rəsmiləşdirilməsinin qarşısını almaqdırsa, hesab edirəm, bildirişdə bunlar öz əksini tapmalıdır. Nə qədər rəsmi əmək haqqı müəyyən olunubsa, müvafiq orqanlara da həmin məlumat verilməlidir.
Digər tərəfdən, bu qanun qəbul olunandan sonra mütləq İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməlidir ki, göstərilən müddəalar pozulduğu halda hansı cərimə sanksiyaları təyin olunacaq. Hesab edirəm, kifayət qədər yüksək sanksiyalar təyin olunmalıdır ki, pozulmasın.
Başqa bir təklifim “Keçid müddəalar”la bağlıdır. “Keçid müddəalar”da bildirilir ki, bu qanun qüvvəyə mindiyi günədək qüvvədə olan əmək müqavilələri barədə əmək müqaviləsi bildirişləri 2014-cü ilin 1 iyul tarixinədək bu sistemə daxil edilməlidir. Hesab edirəm, 6 aya çatdırmasınlar, çünki neçə milyon işçidən söhbət gedir. Bu bəlkə sentyabra qədər uzadılsın? Yaxud da 2014-cü ilin iyul ayına qədər elektron informasiya sisteminə məlumatlar daxil olmadıqda nə olacaq? Bunlar qanunda öz əksini tapmayıbdır. Bu söylədiklərimdən mümkün hesab olunanlar qəbul olunduğu halda, təbii ki, bu qanun daha mükəmməl olacaq. Bütün bunları nəzərə alaraq qanun layihəsinə səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bu məsələlərə münasibətimi bildirəcəyəm və bu dəyişiklikləri dəstəkləyirəm. Hesab edirəm ki, bəli, bu məsələ çox sərt şəkildə öz əksini tapmalıdır. Hətta arayışda da qeyd olunub ki, Avstriya kimi ölkələrdə bu məsələlərdə nə qədər sərt cəza mexanizmləri öz əksini tapır. Neçə illərdir, bu mövzunun çox ciddi şəkildə gündəmdə olmasına baxmayaraq, ciddi bir dəyişikliklər görmürdük. Yenə də əmək müqaviləsi olmadan yüzlərcə, bəlkə də minlərcə insan çalışdırılır. Bu insanların gələcəyi təhlükə altındadır. Hansı mənada təhlükə altındadır? Biz fərdi pensiya, fərdi uçot sisteminə keçmişik. Sabah bu insanlar əmək müqaviləsi olmadan necə pensiya alacaqlar? Bu, işçilərin hüquqları, onların gələcəyi ilə bağlı çox ciddi məsələdir.
İkincisi, əmək müqaviləsi olmadığı üçün vergidən yayınma halları baş verir. Dövlət büdcəsi bundan xeyli vəsait itirir. Ona görə də sərt şəkildə bu dəyişikliklərin edilməsi çox önəmlidir. Bunun vacib tərəfi dəyişikliklərin cəmiyyətə ciddi şəkildə çatdırılmasıdır. Hesab edirəm ki, kütləvi informasiya vasitələri bu əlavə və dəyişiklikləri cəmiyyətə geniş şəkildə çatdırmalıdırlar ki, sonra bu sahədə problemlər yaranmasın.
Mən iki məsələyə də diqqəti yönəltmək istəyirəm. Bəli, indi əmək müqavilələri olmadan işçilərin çalışdırılmasının qarşısının alınması istiqamətində addımlar atılır. Mən hesab edirəm ki, qanunvericilikdə gedən dəyişikliklə bərabər, icra orqanları da bu məsələyə nəzarəti gücləndirməlidirlər. Bu nəzarət gücləndirilməsə, burada ikili standartlar, subyektivliklər olsa, yenə də istədiyimiz nəticələri əldə edə bilməyəcəyik. Ona görə də qanunvericilikdə edilən əlavə və dəyişikliklərlə bərabər bu sahəyə nəzarət edən orqanların məsuliyyəti də ciddi şəkildə gücləndirilməlidir. Bunun elektron formaya keçirilməsi çox böyük irəliləyişdir və bu, subyektivliyin qarşısını ciddi şəkildə alacaq. Mən Musa müəllimin o təklifini dəstəkləyirəm. Bildirişdə işəgötürənlə bağlı məlumatlarla bərabər əmək haqlarının göstərilməsi də çox doğru olardı. Əgər əmək haqlarında hər hansı bir dəyişiklik olarsa, sonra bu, elektron sistemə də daxil edilə bilər.
İkinci, biz əmək müqavilələri olmadan işçilərin çalışdırılmasına görə cəzaları sərtləşdiririk. Amma burada ikinci bir məsələ var. Bir çox şirkətlər, qurumlar nə edirlər? İşçini işə götürürlər, əmək müqaviləsi də var. Amma o işçinin real əmək haqqı ilə sənəddə göstərilən əmək haqqı tamamilə bir-birinə ziddir. İşçinin əmək müqaviləsi var, amma əmək haqqı ilə sənəddə göstərilən əmək haqqı bir-birinə uyğun olmadığı üçün sabah onun pensiyasına ciddi şəkildə mənfi təsirini göstərəcək. Yenə də nə qədər vergidən yayınma halları baş verir. Bunun da qarşısının alınması istiqamətində ciddi addımlar atmalıyıq ki, həm işçinin hüquqlarını daha çox müdafiə edək, həm də dövlətin büdcəsinə gəlməli olan gəliri təmin edə bilək. Mənə elə gəlir ki, insanların əldə etdiyi real əmək haqqı ilə ona sənədlərlə verilən əmək haqları arasındakı fərq məsələlərini ciddi şəkildə aradan qaldırmamız bu istiqamətdə mübarizəyə öz töhfəsini vermiş olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də bu qanun layihəsinə səs verəcəyəm. Əmək Məcəlləsinə edilən bu dəyişiklik çox vacibdir və uzun illərdir ki, insanların gözlədiyi  bir məsələdir. Burada bilavasitə vətəndaşın, işə götürülənin tam şəkildə hüquqlarının qorunmasından söhbət gedir. Burada ən çox maraqlı tərəf hesab edirəm ki, işçi olmalıdır, çünki bu bilavasitə onunla bağlı olan məsələdir.
Təbii ki, işəgötürən çalışacaq ki, bu və ya digər şəkildə müxtəlif yollara əl atsın. Ola bilsin ki, bəzi şeyləri azaltsın, bəzilərini çoxaltsın. Amma birinci növbədə işçi özü bunun qarşısını almalıdır, çünki bilavasitə onun hüquqları pozulur. Ola bilər, bəzi yerlərdə bunu qorxutsunlar ki, əgər bununla razılaşmasan səni işə götürməyəcəyik və sair. Amma bütün hallarda işəgötürülən öz hüquqlarını dərk edib mütləq öz müqaviləsini düzgün tərtib etməlidir ki, gələcəyi üçün problem yaratmasın.
Burada pensiya fonduna köçürmələr və vergilərlə bağlı fikirlər səsləndi. Həmin vergilərin hesabına dövlət büdcəsi formalaşır. Dövlət büdcəsindən ona, uşaqlarına təhsil verən müəllimlər, sağlamlığının keşiyində dayanan həkimlər maliyyələşir. Yəni bütün hallarda bu, xidmətlə bağlı olan bir məsələdir və buna ciddi yanaşmalısınız. Gələcəkdə müəyyən bir məsələ ilə bağlı məhkəmə çəkişməsi ola bilər. Əgər işçinin əmək müqaviləsi olmasa və ya o düzgün tərtib olunmasa, təbii ki, o, məhkəmədə sübut edə bilməz ki, bu tikinti və yaxud da nəqliyyat şirkətində işləyib, yoxsa yox. Yenə qeyd edim ki, tərəflər arasında olan münasibətlərin düzgünlüyü məhz əmək müqaviləsində öz əksini tapmalıdır.
Burada bir sual səsləndi. Əmək müqaviləsinin elə əsas məğzi orada əmək haqqının göstərilməsidir. Yəni əks halda əmək müqaviləsi niyə bağlanır ki? Müqavilədə birinci şərt zəhmət haqqının göstərilməsidir. Standart əmək müqavilələri var ki, əmək haqqı, əməyin ödənilməsi və digər sosial məsələlər orada öz əksini tapır. Bu çox böyük bir yenilikdir. Mən hesab edirəm ki, biz bu qanun layihəsini qəbul etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Onda xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Elmira xanımın qeyd etdiyi kimi, əslində, növbəti 23, 24, 25-ci məsələlər Əmək Məcəlləsinə etdiyimiz dəyişiklikdən irəli gəlir. Daha dəqiq desəm, artıq səs verdiyimiz Əmək Məcəlləsində müqavilənin imzalanmaması, elektron formaya keçməməsi ilə bağlı yaranan inzibati məsuliyyətdən söhbət gedir. Artıq burada da səsləndi, bu inzibati məsuliyyət də kifayət qədər ciddidir. Görürsünüz, misal üçün, fiziki, vəzifəli, hüquqi şəxslər üçün 20 min manatdan 25 min manatadək miqdarda cərimə nəzərdə tutulur. Hesab edirəm, o qədər ciddi cəzalardır ki, bundan mütləq çəkinməyə məcbur olacaqlar. Hörmətli millət vəkillərindən bu layihəyə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hörmətli Əli müəllim və digər millət vəkilləri bu məsələ ilə əlaqədar olaraq kifayət qədər danışdılar. Həqiqətən də, cəmiyyəti narahat edən vacib məsələdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə edilən dəyişikliklər də bütövlükdə ölkədə əmək müqaviləsi bağlanmasının hüquqi bazasının möhkəmləndirilməsinə xidmət edir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Eyni məsələlərdir. Əgər etiraz yoxdursa, xahiş edirəm, 25-ci məsələyə də münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti iki məsələ bir zərfdə gəlib. 26-cı məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Bu iki məsələ də bir-biri ilə üzvi surətdə bağlıdır. Qanun layihəsinin əsaslandırılmasında da bu barədə qeyd olunub. “Korrupsiyaya qarşı mübarizəyə dair 2012–2015-ci illər üçün yeni Milli Fəaliyyət Planı”nda, eyni zamanda, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün qaydaların sadələşdirilməsi təkliflərinin hazırlanması öz əksini tapmışdır. Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, son bir neçə il ərzində Milli Fəaliyyət Planının həyata keçirilməsində əldə etdiyimiz ən ciddi uğur məhz şəffaflığın artırılması ilə bağlı oldu.
Bu il isə qeyd etdiyim kimi, “İnformasiya-kommunikasiya texnologiyaları ili”dir. Biz artıq görürük ki, korrupsiya hallarının qarşısının alınmasında müasir informasiya texnologiyalarının tətbiqi, şəffaflığın artırılması ən etibarlı üsuldur. Etibarlı üsul olmaqla yanaşı, vətəndaşların da dövlət orqanlarına inamını gücləndirir. Çünki hər şey şəffafdır, dövlət orqanı ilə vətəndaş arasında qeyri-professional münasibətlər üçün heç bir zəmin yaranmır. Yaransa belə, istifadə eləmək mümkün deyil. Bu baxımdan əminəm ki, həm Mülki Məcəlləyə, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna təklif olunan bu dəyişiklikləri dəstəkləyəcəksiniz. Burada söhbət elektron üsulla sənədlərin təqdim olunması, çıxarışların alınmasından gedir. Hörmətli millət vəkillərindən hər iki layihəyə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. İlyas İsmayılov.
İ.İsmayılov. Çox sağ olun, cənab Sədr. Mənim bir təklifim var. Mülki Məcəllənin 144.2.1 və 144.3-cü maddələrində daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sənədlərin müvafiq icra hakimiyyəti orqanlarına bir halda dərhal, digər halda təsdiq edildiyi gün göndərilməsi nəzərdə tutulmuşdur. Sənədlər müxtəlif olsa da, daşınmaz əmlak dövlət reyestri obyektlərinə aid olduğundan onların eyni müddətə göndərilməsi daha məqbuldur. “Dərhal” sözünün qeyri-dəqiqliyi nəzərə alınaraq Mülki Məcəllənin 144.2.1-ci maddəsinə təklif olunan dəyişiklikdə “dərhal sonra” sözlərinin “təsdiq edildiyi gün” sözləri ilə əvəz edilməsi daha məqsədəmüvafiqdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Əli müəllim, o məsələyə də baxarsınız. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, Mülki Məcəlləyə dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 78
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 78
Nəticə: Yetərsay yoxdur

Yetərsay yoxdur, xahiş edirəm, səsverməni təkrar edin.

Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Xahiş edirəm, millət vəkillərini zala dəvət edin.
28-ci məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli millət vəkilləri, bizim komitə belə hesab edir ki, təqdim olan qanun layihəsi ölkədə sosial mühitin, az maaş alan insanların vəziyyətinin yaxşılaşmasına xidmət edir. Bu qanunu qəbul etməklə vergilər xətti ilə yığılan məbləğ təxminən 40 milyon azalacaqdır ki, bu da insanların əmək haqlarının artmasına xidmət edəcəkdir. Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əldə edilən aylıq gəliri 200 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 2400 manatadək olduqda 12 misli məbləği olan hissəsi gəlir vergisindən azad edilir. İndi isə təklif edilir ki, həmin 200 manat 250 manat, illik məbləğ də 3000 manat olsun. Yenə də təkrar edirəm, bu qanunu tətbiq etməklə Vergilər Nazirliyinin xətti ilə yığılan vergi məbləği 40 milyon manatadək azalacaqdır. Mən hesab edirəm ki, yeni il ərəfəsində belə bir qanun layihəsinin qəbulu çox müsbət hal kimi qiymətləndirilməlidir. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, gündəlikdə 4 məsələ qalıb. Əgər etiraz etmirsinizsə, tənəffüssüz işləyək?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. 29-cu məsələ körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında qanun layihəsidir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Dövlət başçısı ölkədə sosial mühitin yaxşılaşması, insanların həyat fəaliyyətinin daha da yüksək olması ilə əlaqədar olaraq son illərdə iri miqyaslı tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan bu qanun layihəsi də, sözün əsl mənasında, Azərbaycanda sosial inkişafın daha da tərəqqisinə xidmət edəcəkdir. Belə ki, körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü ilin yanvarın 1-dən başlayaraq 10 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar.
Məlumat üçün bildirim ki, Azərbaycan MDB məkanında uşaqların bağçalarla təmin edilməsi səviyyəsinə görə xeyli geridədir. Azərbaycanda bu gün 1–5 yaşlı uşaqların yalnız 15 faizini bağçalarla təmin etmək mümkündür. Bu qanunun qəbulu, heç şübhəsiz ki, özəl sektorda da uşaq bağçalarının tikintisinə imkanları xeyli genişləndirəcək. İstərdik ki, bizim çox dəyərli sahibkarlarımız məktəbəqədər təhsil müəssisələrinin yaradılmasına daha çox diqqət ayırsınlar. Məlumat üçün bildirim ki, respublikada cəmi 40 məktəbəqədər təhsil müəssisəsi özəl sektorun payına düşür. Bu qanun layihəsinin çox böyük əhəmiyyətini nəzərə alaraq millət vəkillərindən ona səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aytən Mustafayeva.
A.Mustafayeva. Təşəkkür edirəm, Oqtay müəllim. Bu çox vacib qanundur. Biz son vaxtlar sosial problemlərə yönələn diqqəti görürük. Sonuncu iclasda da ölkə Prezidenti bu sahə ilə bağlı xüsusi tapşırıqlarını verdi. Ancaq mən onu qeyd eləmək istəyirəm ki, təmsil etdiyim Nəsimi rayonunun “mikrorayon” deyilən ərazisində sosial şərait bir az ağırdır. Bu yaxınlarda həmin rayonun uşaq bağçalarının bir neçəsində olmuşam. Təəssüflə qeyd etməliyəm ki, bağçaların vəziyyəti bərbaddır. Bağçada istilik sistemi işləmirsə, mən bilmirəm, bu necə bağçadır? İnandırım sizi ki, mən valideynlərlə yarım saatlıq görüşdə otura bilmədim, dondum. Orada uşaqları necə saxlayırlar? Direktor deyir ki, sentyabrdan bu vaxta qədər istilik sistemi ilə bağlı əlaqədar təşkilatlara məktublar yazmışıq. Kondisionerlər var, amma bir dənə kondisioner elə böyük otaqlara nə istilik verə bilər? Onların yataq otaqları böyük olur və sair.
132 nömrəli bağçanın direktoru sevinclə deyir ki, Heydər Əliyev Fondundan gəlib baxıblar, yazda təmir işləri aparılacaq. Axı Heydər Əliyev Fondu bütün məsələlərə əl tuta bilməz. Bəs dövlət strukturları nə ilə məşğuldur? Nə üçün istilik sistemi işləmir? Əgər əraziyə bir istixananın gücü çatmırsa, ikincisi niyə tikilməsin? Axı dövlət tərəfindən pul ayrılır, bunlar plana salınır. Mən istərdim ki, bu məsələ nəzarətdə saxlansın və müvafiq strukturlar öz vəzifə borclarını yerinə yetirsinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də bu qanun layihəsini dəstəkləyirəm. Bu, vacib məsələdir. Hesab edirəm, biz Tikinti Məcəlləsinə də müvafiq dəyişiklik edə bilərik. Gələcəkdə bu sahəyə müəyyən güzəştlər edə bilərik ki, özəl sektorda uşaq bağçaları, körpələr evlərinin tikilməsi əsas prioritetlərdən birinə çevrilsin. Çünki aydındır ki, indi hamı gəlirli sahəyə qaçır. Binanın alt mərtəbəsində mağaza və ya meyxana tikir. Halbuki o binada yaşayanlar üçün ən zəruri olan uşaq bağçasıdır.
Nəzərə alaq ki, indi dünyada da, Azərbaycanda da sistem dəyişib, yəni hər iki valideyn işləyir. Keçmişdə elə idi ki, valideynin biri işləyəndə o biri işləmirdi. Onlar uşaqlarının tərbiyəsi və sairlə məşğul olurdular. İndi ailənin vəziyyətini yaxşılaşdırmaq üçün hər iki valideyn  işləyir. Ziyad müəllim də qeyd elədi, indi uşaqların bağça ilə təminatı 15 faizə gəlib düşüb. Hələ şəhərdə belədir, kənd yerlərində, ümumiyyətlə, uşaq bağçası anlayışı, demək olar ki, yavaş-yavaş ortadan çıxır. Əgər biz “Təhsil haqqında” Qanuna nəzər salsaq, görərik ki, uşaqlar ibtidai məktəblərə bağçadan götürülməlidir. Nazirlər Kabinetinin qərarı var ki, uşaq bağça təhsili keçməyibsə, ibtidai sinfə qəbul edilməyə bilər. Bu da bir problem yaradır.
Mən başqa bir məsələyə də toxunmaq istəyirəm. Oqtay müəllim, burada özəl bağçalar qeyd olundu. Bu güzəştləri veririk, amma bəzi özəl bağçalar elə bir qiymət qoyublar ki, valideynin uşağı ora qoyması mümkün deyil. Hətta bütün ailə üzvlərinin gəlirini toplasan, uşağın orada qalmasını təmin etmək olmur. 700, 900, hətta 1000 manat haqq alan bağçalar var. Belə deyək, valideynə də preyskurant vermir ki, bunu nəyə əsasən eləmişəm. 700 manatın neçə manatı uşağın təhsilinə, neçə manatı yeməyinə gedir?
Bunlar vergidən azad olunacaqlar, amma müəyyənləşdirdikləri qiymət reallığı əks etdirmir və valideyn də uşağını ora yerləşdirə bilmir. Bu baxımdan, bu müəssisələrə yanaşma tərzi fərdi qaydada olmalıdır. Əgər  Təhsil Nazirliyinin nəzdindədirsə və ya oradakı ümumi qayda xalqın maraqlarına xidmət edirsə, olsun. Kiminsə cibinin doldurulması, gəlir mənbəyi üçün vasitədirsə, mən hesab edirəm ki, buna yanaşmağımız  başqa formada olmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Siyavuş müəllim, biz hələ indi bu qanunu qəbul edirik ki, o təşkilatlara kömək edək. Hələ kömək eləməmişdən başlayırıq onları “vurmağa”. Bir imkan yaradaq, bəlkə bunlar vergidən azad olunanda qiymətlər aşağı düşəcək. Təkcə uşaq bağçalarında deyil, özəl məktəblərdə də qiymətlər yüksək səviyyədədir. Yəni biz bir əvvəlcə bunlara əl tutaq, kömək edək ki, inkişaf eləsinlər, sonra başqa məsələlərə baxaq.
Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti məsələ Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında qanun layihəsidir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daim insanların, əmanətçilərin gəlirinin artırılmasına, vəziyyətin yaxşılaşmasına təsir edən konkret tədbirlər həyata keçirilir ki, onlardan biri də banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin bir il müddətinə gəlir vergisindən azad edilməsidir. Biz hesablamalar apardıq. Hazırda əhalinin banklarda olan əmanətləri 6 milyard manatı keçir. Orta hesabla ildə qazanılan faizlər 600 milyon manat təşkil edir. Onların vergidən azad edilməsi 50–60 milyon manat əlavə gəlirdir. Onlar da əhalinin sərəncamında qalır. Kommersiya bankları üçün kifayət qədər əlverişli şərait yaradılır, çünki əmanətlər çox olduqca bankların gəlirləri artır. Komitəmizin arzusu ondan ibarətdir ki, onlar da dövlət başçısı İlham Əliyevin bu qayğısına cavab olaraq kommersiya kreditlərinin faizlərinin aşağı salınması haqqında daha dərindən düşünsünlər və qısa müddətdə öz təkliflərini versinlər. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Yaşıllıqların mühafizəsi haqqında qanun layihəsidir. Eldar İbrahimov, buyurun.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Bildiyiniz kimi, son illər iqtisadiyyatın bütün sahələrində olduğu kimi, ekologiya, ətraf mühitin qorunması, bərpası və mühafizəsi sahəsində də çoxşaxəli tədbirlər həyata keçirilir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan Respublikası ekologiya və ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində 20 beynəlxalq konvensiyaya qoşulmuş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölkədə çoxsaylı milli və dövlət proqramları, beynəlxalq və ölkədaxili ekoloji layihələr həyata keçirilmişdir. Yalnız son 5 ildə ekologiya və ətraf mühitin mühafizəsinə 268 milyon manat investisiya qoyulub. Qeyri-meşə fonduna aid 3300 hektar sahədə yaşıllaşdırma işləri aparılıb, 3 milyon 400 min ağac əkilib.
Bunu da bilirsiniz ki, yaşıllıqların əhəmiyyətli hissəsini təşkil edən meşələrin qorunması, bərpası və bu sahədə yaranan digər münasibətlər Azərbaycan Respublikasının Meşə Məcəlləsi və bu məcəlləyə uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla tənzimlənir. Lakin elə yaşıllıqlar da mövcuddur ki, Meşə Fonduna daxil deyil. Amma bu yaşıllıqların cəmiyyətin həyatında əhəmiyyəti heç də meşələrdən az deyil. Bu yaşıllıqlara əsasən şəhərlərdə, qəsəbələrdə və digər yaşayış məntəqələrində, küçələrdə, parklarda, bağlarda olan ağac, kol bitkiləri, dəmir və avtomobil yollarını, kanalları və digər su obyektlərini ayıran zolaqlardakı qoruyucu ağaclar aid edilir. Hamımıza məlumdur ki, bu, daim ictimaiyyəti narahat edən, əhali arasında, kütləvi informasiya vasitələrində həmişə müzakirə edilən və şəhər sakinlərinin sağlamlığı ilə bağlı olan bir məsələdir. Çünki insanlar hər gün yaşıllıqlarla təmasda olurlar. Bu məkanlar qocaların, uşaqların, əli körpəli anaların, ümumiyyətlə, şəhər sakinlərinin və gələn qonaqların dincəldiyi, boş vaxtlarını keçirdiyi  istirahət yerləridir.
Bu sahədə qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması üçün Milli Məclisin Aqrar siyasət komitəsinin deputatlarının qanunvericilik təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış Yaşıllıqların mühafizəsi haqqında qanun layihəsi Azərbaycan Respublikasında vətəndaşların sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin etmək, Meşə Fonduna daxil olmayan yaşıllıqların, ağac, kol bitkilərinin mühafizəsi, bərpası və artırılması ilə yaranan münasibətləri tənzimləmək məqsədini daşıyır. Qanun layihəsinin hansı yaşıllıqlara şamil edilməsi “Qanunun tətbiq dairəsi” adlanan 3-cü maddədə geniş verilmişdir.
Qanun layihəsi müvafiq qaydada baxılmaq və rəylər alınmaq üçün Ədliyyə, Maliyyə, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinə, Dövlət Şəhərsalma və Arxitektura, Dövlət Torpaq və Xəritəçəkmə komitələrinə, 10 iri şəhər və rayon icra hakimiyyəti başçılarına, habelə bu  sahə ilə məşğul olan bir çox səhmdar cəmiyyətlərə, birliklərə, elmi tədqiqat və təhsil müəssisələrinə göndərilmişdir. Alınmış rəylər komitənin deputatları və işçi qrupu tərəfindən diqqətlə öyrənilmiş, ilkin mərhələdə qanun layihəsinə xeyli əlavələr və düzəlişlər edilmişdir. Layihə nazirlik və komitələrin nümayəndələrinin iştirakı ilə Aqrar siyasət komitəsinin iclasında geniş müzakirə edilərək Milli Məclisin plenar iclasına təqdim edilmişdir.
Qanun layihəsi 5 fəsil və 25 maddədən ibarətdir. Mən fəsillər haqqında danışıb vaxtınızı almaq istəmirəm. Sadəcə olaraq, çalışdım ki, şəhərlərin gözəlliyi, insanların sağlamlığı və istirahəti üçün olduqca   vacib olan bu qanun layihəsinin mahiyyətini qısaca da olsa, hörmətli deputatların nəzərinə çatdırım. Düşünürəm ki, qanun layihəsi birinci oxunuşun tələblərinə cavab verir və konseptual baxımdan qəbul edilə bilər. Layihə barədə rəy və təkliflərini bildirəcək hər bir həmkarıma əvvəlcədən minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ ol. Eldar müəllim, qanun layihəsinin çox gözəl adı var, nəcib məqsədlərə xidmət edən bir qanundur. Deyəsən, hamı bu qanun layihəsini konseptual baxımdan qəbul edir və özünü ikinci oxunuşa saxlayır. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, cənab Sədr. Yaşıllıqların mühafizəsi, salınması, qorunması və sairlə bağlı münasibətləri tənzimləmək üçün çoxdandır ki, hüquqi normalara böyük ehtiyac var. Eldar müəllim çox düzgün qeyd etdi. Bu gün ətrafımızda baş verən hadisələri izləyərkən yaşıllıqların hərdən nə qədər qəddarcasına məhv edilməsinin şahidi oluruq. Hətta 100 illik yaşı olan palıd ağacları gözümüzün önündəcə kəsilir. Hesab edirəm ki, ən azı hər hansı tikinti və abadlıq işləri ilə bağlı olsa da, bu ağacları kəsmək yox, imkan daxilində yerini dəyişdirmək lazımdır. Bu baxımdan yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası qanunu layihəsinin müzakirəsi və qəbulunu labüd hesab edirəm.
Qanunda bir çox məsələlər hüquqi baxımdan əksini tapır, amma bir sıra təklifləri də qeyd etmək yerinə düşər. Fikrimcə, qanunda əsas həll olunmalı məsələ yaşıllıqların götürülməsi, yəni yerinin dəyişdirilməsi və bərpası ilə bağlıdır. Çünki qanunun nə 11, nə də 12-ci maddələrində konkret göstərilmir ki, götürülmə və bərpa ilə bağlı xərclərin qiymətləndirilməsi hansı meyar və prinsiplər əsasında aparılacaq. Düzdür, 12-ci maddədə qeyd olunur ki, yaşıllıqların götürülməsi zamanı bərpa dəyərinin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanına verilir. Belə olan halda həmin orqan qiymətləndirməni öz mülahizələrinə əsasən subyektiv də apara bilər. Ən azından qanunun bu maddəsində göstərilə bilərdi ki, yaşıllığın köçürülməsi yaşıllıqdakı bitkilərin həmin gün üçün təyin olunan bazar qiymətləri nəzərə  alınmaqla aparıla bilər. Hesab edirəm ki, bu və ya digər ümumi prinsipin qanunda qeyd olunması xərclərin ədalətli hesablanması baxımından mühüm əhəmiyyət kəsb edəcək.
Həmçinin 11.2-ci maddədə qeyd olunur ki, yaşıllıqların götürülməsi üçün müraciətin edilməsi və yaşıllıqların götürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Amma qeyd olunmur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu müraciətə neçə gün ərzində cavab veriləcək. Bu da, heç şübhəsiz ki, süründürməçiliyə səbəb ola bilər.
Digər deyəcəyim məsələ 7-ci maddə ilə bağlıdır. Burada qeyd olunur ki, yaşıllıqlara qulluq edilməsinə, habelə aqrotexniki xidmətlərin və fitosanitar tədbirlərin həyata keçirilməsinə dair bütün işlər bu sahədə təcrübəsi olan təşkilatlar və mütəxəssislər tərəfindən yerinə yetirilməlidir.
Əlbəttə, mən də düşünürəm ki, bu sahədə mütəxəssislər fəaliyyət göstərməlidirlər. Ancaq bilirik ki, bir çox məhəllələrdə, kəndlərdə yaşıllığı sakinlər özləri salır, özləri onlara xidmət göstərirlər. Belə olan halda bu münasibətlər necə tənzimlənməlidir? Qanunda bu barədə heç nə deyilmir. Məncə, bu məsələ ilə bağlı da bir müddəa nəzərdə tutula bilərdi. Yaşıllığa qulluğu daha səmərəli təşkil etmək üçün ümumi nəzarəti müvafiq icra hakimiyyəti orqanı aparmaqla həmin sakinlərə müəyyən yardımlar etmək, onları yeni bitkilərlə, hər hansı qulluq vasitələri ilə təchiz etmək və sair yaşıllıqların qorunması baxımından da mühüm əhəmiyyət kəsb edə bilər. Çünki belə olan halda həmin yaşıllığı salan sakinlər o yaşıllığın qorunmasında dövlətə yardım etmiş olacaqlar. Onda dövlətin yükü də xeyli azalacaq.
Digər konseptual və prinsipial məsələ isə salınan yaşıllıqların, əkilən bitkilərin bir müddət sonra qorunması problemidir. Bilirsiniz ki, bu problem Azərbaycan, xüsusilə Abşeron üçün çox aktualdır. Əksər yerlərdə biz bu acınacaqlı halla rastlaşırıq. Külli miqdarda vəsait hesabına salınan yaşıllıqlar sonradan baxımsızlıq ucbatından quruyurlar. Öz vəzifələrini doğru-düzgün icra etmədiyi üçün yaşıllıqların qurumasına səbəb olan müvafiq icra hakimiyyəti orqanı və onun vəzifəli şəxslərinin məsuliyyətinin artırılmasına böyük ehtiyac var. Bu məsələ ilə bağlı cərimələr nəzərdə tutulmalıdır. Xahiş edərdim, bu təkliflərim nəzərdən keçirilsin. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinin birinci oxunuşda qəbuluna münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Hörmətli millət vəkilləri, artıq yavaş-yavaş iclasımız sona çatır. Mən çıxışımın əvvəlində hamınızı qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik elədim. Həmişə olduğu kimi, icazə verin, hamınızın adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə təbrik məktubu hazırlayaq və onu qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edək. (Alqışlar.) Mən bunu icazə kimi qəbul elədim. Hamımızın adından cənab Prezidenti təbrik edəcəyik.
Milli Məclisin bugünkü iclasının sonuncu məsələsi Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin müraciətinin təsdiq edilməsi barədədir. Sevinc Hüseynova, buyurun.
S.Hüseynova, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü.
Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti.
Əziz soydaşlar, dəyərli həmvətənlər!
Dünya tarixinə və mədəniyyətinə sanballı töhfələr vermiş qüdrətli Azərbaycan xalqının övladlarını əqidə və əməl birliyinə çağıran həmrəylik günü münasibəti ilə hər birinizi səmimi qəlbdən salamlayırıq. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 22 il əvvəl başlanmış mənəvi bütövləşmə prosesi xalqımızın tarixi köklərə bağlılığından və milli yüksəliş amalından güc almışdır. Dövlət müstəqilliyimizlə yaşıd olan bu proses sonrakı dövrdə geniş vüsət qazanmış, ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə sıx birləşməyin əhəmiyyətini dünya azərbaycanlıları dərindən dərk etmişlər.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bir-biri və Azərbaycan Respublikası ilə əlaqələri inkişaf etdirir, milli diaspor təşkilatları soydaşlarımızın siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından cəlb olunurlar. Dünya azərbaycanlıları ilə bağların möhkəmləndirilməsi, harada yaşamasından asılı olmayaraq soydaşlarımıza və həmvətənlərimizə qayğı göstərilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir. 
Hər bir xalqın varlığının təməl şərtlərindən biri onun milli birliyi və həmrəyliyi ilə bağlıdır. Həyat sübut edir ki, etnik-siyasi baxımdan mütəşəkkil qüvvəyə çevrilə bilməyən xalqlar ümumdünya inkişafında tutduqları mövqeləri tədricən itirməli olur, getdikcə zəifləyərək öz hüquq və mənafelərini həyata keçirmək imkanlarından məhrum olurlar. Sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqlarından biri olan  Azərbaycan xalqının müasir dövrdə davamlı yüksəlişinin yolu on milyonlarca soydaşımızın və həmvətənimizin milli mənlik şüuru əsasında sıx birləşməsindən keçir.
Bu gün dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycan Respublikası dünya azərbaycanlılarının tarixi və doğma vətəni, ümid və istinad yeridir. Odur ki, Avropada, Asiyada,  Amerikada və başqa qitələrdə yaşayan soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işlərinə görə sevinir, Azərbaycanın inkişaf etmiş dünya dövlətləri sırasına çıxarılması yolunda əldə edilən nailiyyətlərlə fəxr edirlər.
Azərbaycanın xoşbəxt gələcəyi cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır. Məhz buna görə xalqımız 2013-cü il oktyabrın 9-da keçirilən Prezident seçkilərində möhtərəm İlham Əliyevi yenidən dövlət başçısı seçməklə onun həyata keçirdiyi siyasi xəttin, Heydər Əliyev kursunun davam etdirilməsini istədiyini bir daha ifadə etmişdir.
Dünya azərbaycanlıları Azərbaycanın əldə etdiyi uğurlara sevinməklə birlikdə, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi günləri də səbirsizliklə gözləyirlər. Qarşıda dayanan ən vacib vəzifə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, qaçqın və köçkünlərimizin doğma yurdlarına qaytarılmasıdır. Bütün dünya azərbaycanlıları səylərini birləşdirsələr, bu problemin həllini daha da yaxınlaşdıra bilərlər.  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də görüləsi işlər çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır. 
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, doğma Azərbaycanımıza işıqlı gələcək arzulayırıq! 
Hörmətlə, Azərbaycan Respublikasının Milli Məclisi. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, sizin alqışlarınız bu müraciətin təsdiqidir.
Artıq sonuncu məsələni də müzakirə etdik. İclası bağlamamışdan qabaq mən bir daha sizin hamınıza uğurlar, xoş istirahətlər arzulayıram. İnşallah, ayın 15-dən sonra görüşərik.
Milli Məclisin 2013-cü il payız sessiyasını bağlı elan edirəm.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi