2014-ci il 18 aprel tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XI  SESSİYASI  İCLASININ

PROTOKOLU № 87

Milli Məclisin iclas salonu.
18 aprel 2014-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Z.Əsgərov sədrlik etmişdir.

İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 89
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
A.Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
C.Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
N.Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
V.Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
M.Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
F.İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
M.Süleymanov, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının rəhbəri.
F.Qurbanov, Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdiri.
V.Mütəllimova, Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdiri.

*    *    *


Q.Qurbanov, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının   rəisi.
Ə.İsmayılov, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası Aparatının rəhbəri. 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.
2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Dəniz limanları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
8. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Zahid Oruc, Qənirə Paşayeva, Fazil Mustafa, Musa Qasımlı, Vahid Əhmədov, Musa Quliyev, İqbal Ağazadə, Siyavuş Novruzov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 85
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Vüqar Gülməmmədov, Siyavuş Novruzov, Elmira Axundova, Zahid Oruc, Vahid Əhmədov, Əli Məsimli, Fərəc Quliyev, Qənirə Paşayeva
 

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Fuad Muradov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 83
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 93
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

6. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

7. Dəniz limanları haqqında Azərbaycan Respublikası qanununun layihəsi  barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Elmira Axundova, Novruzəli Aslanov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–14-cü maddələri qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Təklif: 15–29-cu maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisi Sədrinin
birinci müavini 

Z.ƏSGƏROV

 


 
 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

18 aprel 2014-cü il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sabahınız xeyir, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz. 

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 89
Yetərsay 83

Yetərsay var.
Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 85
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının hesabatıdır. Üzr istəyirəm, yadımdan çıxdı, gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən ilk növbədə, cənab Prezidentin Nazirlər Kabinetinin son müşavirəsində qeyd etdiyi bir sıra mühüm siyasi tezislərə parlamentdə əlavə ton vermək, onlarla bağlı fikirlərimi bildirmək istərdim. Zənn edirəm ki, cənab Prezidentin “nə üçün Ermənistan beynəlxalq sanksiyalara məruz qalmamışdır, nə üçün onun Avropa Şurasında səs vermək hüququ bircə dəfə də olsun dayandırılmamışdır?” sualı, əslində, Ukrayna ətrafındakı  gərgin beynəlxalq siyasi vəziyyətdə daha da aktual səslənir. Ukraynanın məruz qaldığı münaqişə fonunda çoxlu terminlər var: “Avropanın arxitekturası təzədən qurulur”, “bu böyük bir mərhələnin başlanğıcıdır”, “BMT-nin sənədləri təzədən yazılacaq”, “ATƏT-in Helsinki Yekun Aktı” yenidən hazırlanacaq və sair. Amma ən çox deyilən sözlərdən biri  “dünyanın yenidən dərkidir”.
Elə hesab edirəm ki, bu fonda Azərbaycanın problemlərinin üzərinə daha böyük bir mənada işıq düşür, aydınlaşır və biz bir daha bu sualı  Avropa ölkələri qarşısında qaldırırıq: Nə üçün bu illər ərzində Ermənistan hər hansı sanksiyalara məruz qalmamışdır?  Ona görəmi ki, Azərbaycanın əhəmiyyəti Ukraynadan geridir? Ona görəmi ki, Qarabağ torpaqları Ukraynanın hər hansı ərazisindən özünün əhəmiyyətinə görə aşağıda durur? Ona görəmi ki, Xəzər dənizinin resursları Qara dəniz qədər önəmli bir strateji məna kəsb eləmir?
Baxın, Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Krım hadisələri ilə bağlı 8-ci dəfədir ki, Vladimir Putinə telefon açır, Avropa ölkələrinin rəhbərləri ilə danışıqlar aparır. Bizim buna bir sözümüz yoxdur, çünki dünyanın əsas güc mərkəzləri onlardır. Amma siz indiyə qədər eşitmisinizmi ki, Barak Obama bircə dəfə də olsun Qarabağ məsələsi üçün Vladimir Putinə telefon açmış olsun? Bunu heç vaxt etmədikləri üçün bu illər ərzində bunun özünün bu tribunadan səslənməsi də bir az ritorik məna kəsb edir, heç insanlarımızı da inandırmır. Ona görə də sanksiya dilində danışan və bu illər ərzində beynəlxalq hüquq prinsiplərinə əməl eləməyən Qərb dövlətləri qarşılarında Rusiyanı qazandılar.
Bizim xalqımızın çox müdrik bir ifadəsi var: “mənə dəyməyən ilan min yaşasın”. Qərbin bu illər ərzində Ermənistana münasibəti həmin fəlsəfə, həmin prinsip üzərində qurulub. Sanki Ermənistan o beynəlxalq münasibətlərə təsir eləməyib. Ona böyük meydan veriblər və onlar bu münaqişədən qazanıblar. Azərbaycanın sərvətlərini sümürmək, neft müqavilələrində özlərinə əlverişli şərtlər qazanmaq üçün ondan yararlanıblar. Elə ki, bunu daha böyük bir ölkə – Rusiya eləyir, toplanıb koalisiya yaradırlar və Rusiya əleyhinə blok formalaşdırırlar. Ona görə cənab Prezidentin həmin bəyanatını parlament də öz növbəsində bir daha  dünya qarşısında qoyur.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən Ermənistanla ön cəbhədə yerləşən kəndlərimizlə bağlı bəzi fikir və təkliflərimi səsləndirmək istəyirəm. Mən də Tovuzun o kəndlərini təmsil edən millət vəkillərindən biriyəm. Təbii ki, ön cəbhədə yaşayan insanlarımız qəhrəman insanlardır. Onlar öz evlərini qoruyarlar, oradan köçməyiblər. Ermənistanın atəşkəsi pozaraq mülki insanları atəşə tutmasına, insanlıqdan kənar hərəkətlər edərək qadınları, uşaqları, evləri hədəfə almasına baxmayaraq, onlar öz evlərini tərk etmirlər, qəhrəmanlıq göstərərək düşmənə layiqli cavab verirlər və ordumuzun yanındadırlar. Doğrudur, hərbi qüvvələrimiz düşmənə layiqli cavab verir, amma çox təəssüf ki, onlar öz xislətlərindən əl çəkmirlər. Snayperlərlə evləri hədəfə alırlar, qadın, uşaq demədən bu prosesi davam etdirirlər.
Təbii ki, ön cəbhədə yaşayan insanlarımız hər zaman cənab Prezidentin diqqət və qayğısı altındadır, amma mən onların bir neçə xahişini burada səsləndirərək bu istiqamətdə köməklik edilməsini istərdim.  Birincisi, söhbət sırf ön cəbhədə yerləşən kəndlərdən gedir. O kəndlərdən ali məktəbə daxil olan uşaqların ödənişli təhsil haqqından azad olunmaları vacib məsələdir, çünki atəşkəs altında, o gərginlikdə yaşayan uşaqların təhsil almaları digər rayonlardan ciddi şəkildə fərqlənir. Bu məsələdə onlara kömək edilsə, yaxşı olardı.
Digər məsələ onlara kommunal xidmətlərdə güzəştlərin olunması ilə bağlıdır. Bu addımlar onlara çox böyük dəstək olardı. Təbii ki, insanlar belə kəndlərə sərmayə qoymurlar. Orada iş quran insanlar vergidən azad edilsələr, bu o kəndlərdə müəyyən qədər iş yerlərinin açılmasına müsbət təsirini göstərər. Digər təklifim Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən  Qurulması üzrə Agentliklə bağlıdır. Dağıdılmış evlərin bərpa olunması ilə bağlı işlər gedir, amma bu işin daha sürətli aparılmasına ehtiyac var. İnsanlarımızın bu istiqamətdə ciddi sıxıntıları var, ona görə də Agentlik bu məsələləri sürətləndirsə, yaxşı olar. Bir də, düz hədəf altında olan evlərin ətrafında divarların tikilməsi çox önəmlidir. Elə evlər var ki, birbaşa hədəfə alına bilər. Belə divarlar tikmək mümkündürsə, bu da çox önəmli olardı. Onlara sosial yardımların təyin edilməsində də müəyyən qədər dəstək göstərilməsi...
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa.  Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bugünkü gündəlikdə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunda dəyişiklik nəzərdə tutulub. O mövzuda təklif səsləndirmək istəyirəm. Təklif edirəm ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsində olan humanist prinsipi yenidən Azərbaycan cəmiyyətinə təqdim eləyək. Bu da həbsdə saxlama müddətinin azadlıqdan məhrumetmə növündə cəza müddətinə bir günə iki gün hesablanması barədə dəyişiklikdir. Biz çox sayda insandan müraciət alırıq. Bu müraciətlərdə göstərilir ki, çox vaxt məhkəmə prosesində istintaqın gəldiyi nəticələr özünü təsdiq eləməyəndə insanlar əsassız olaraq həbs yerlərində daha çox saxlanılırlar. Çox xahiş edərdim, bizim müvafiq komitələr bu təklifi diqqətə alsınlar.
İkinci, bildiyiniz kimi, Avropa Şurası Parlament Assambleyasının Bürosunda Sərsəng su anbarında yaranmış təhlükə ilə bağlı məsələ müzakirə olunub. Qərar qəbul olunub ki, bu, sosial komitədə müzakirə olunsun. Millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə çox ciddi bir sənəd qəbul olunub. Bu, Azərbaycanın milli maraqlarına son dərəcə təsir edən bir sənəddir. Mən xahiş edərdim, Yevlax, Bərdə, Ağcabədi, Ağdam, Tərtəri təmsil edən millət vəkilləri də bu sahədə ciddi həssaslıq göstərsinlər.
May ayının 12-də Kiprin paytaxtı Nikosiyada bu məsələ ilə bağlı keçiriləcək tədbirə məruzəçi təyin olunacaq. Həmin məruzəçinin müəyyən materiallarla təmin olunması olduqca vacibdir. Bildiyiniz kimi, Sərsəng su anbarının hündürlüyü 120 metrdən yüksəkdir. Hətta ermənilər təxribat törətməsə belə, ora təmir olunmadığına görə hər hansı bir qəza baş verərsə, 400 min Azərbaycan əhalisi 1 saat yarım ərzində, demək olar ki, məhv olma təhlükəsi qarşısında qalacaq. Ona görə də bunu çox ciddiyə almalıyıq. O bölgənin  millət vəkillərindən xahişim budur ki, məruzəçinin gəlişi ərəfəsində müəyyən materialların, əhalinin şikayətlərinin təqdim olunması barədə göstəriş verəsiniz. O bölgəni mən yaxşı tanıyıram. Tərtərdə olduğuma görə bilirəm ki, azacıq suyu artıq buraxanda sel təhlükəsi yaranmağa başlayır. Bu təhlükəni önləmək üçün bu təşəbbüsün daha da dəstəklənməsi istiqamətində addımlar atılması vacibdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Strateji baxımdan həllini vacib hesab etdiyim bir məsələ barədə mülahizələrimi söyləmək istəyirəm. Bildiyimiz kimi, bir müddət sonra yay istirahəti, sanatoriya, kurort mövsümü başlayacaq. Yenə də vətəndaşlarımız imkanları daxilində həm ölkəmizdə, həm də istədikləri xarici ölkələrdə istirahətlərini və sanatoriya-kurort müalicələrini keçirəcəklər. Heç kimə sirr deyil ki, bizim vətəndaşlarımız, ölkəmiz az qala bəzi ölkələrin turist və  kurort mərkəzləri üçün donora çevrilib. Azərbaycan azad bir ölkə olduğundan bu səfərlərin qarşısını inzibati yollarla almaq mümkün deyil. Ona görə də fikrimcə, Mədəniyyət və Turizm Nazirliyi bir monitorinq keçirməli, ən azı aşağıdakı suallara cavab axtarmalı, məsələni sosial-iqtisadi və mədəni çərçivədə həll etməyə çalışmalıdır.
Vətəndaşlarımızın yay mövsümündə xarici ölkələrə axışmasının səbəbləri nədir? Bəlkə bizdə ucuz hotellər yoxdur və ya azdır. Fikrimcə, məsələnin həlli üçün aşağıdakı konkret addımların atılması fayda verərdi.
Birincisi, 70-ci illərdə respublikamızda Xəzər dənizinin sahilini sanator-kurort və turizm mərkəzinə çevirmək üçün qərarlar qəbul edilmişdi. Buna hökumət səviyyəsində qayıtmağın, fikrimcə, zamanı gəlib çatıb.
İkinci,  səfirliklərimizdə mədəniyyət və turizm müşaviri vəzifəsinin açılması faydalı olardı.
Nəhayət, ölkəmizin şimal və şimal-qərb rayonlarında Milli Məclisin və nazirliklərin istirahət və sanator-kurort müalicə mərkəzlərinin tikintisinə yaxın illərdə maliyyə vəsaitinin ayrılmasının faydalı olacağı qənaətindəyəm. Bu məsələlərin həlli ölkəmizdə müvafiq infrastrukturun,  yerli yüngül və yeyinti sənayesinin daha da inkişafına, büdcəmizə əlavə vəsaitlərin daxil olmasına, yeni iş yerlərinin açılmasına, nəticədə vətəndaşlarımızın həyat şəraitinin daha da yaxşılaşmasına kömək edər. Diqqətinizə görə  sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Hələ də dünyanın bir nömrəli gündəmini məşğul edən Ukrayna böhranına və bu fonda baş verən bir neçə məqama toxunmaq istərdim. İlk olaraq Azərbaycanın bu böhranda rolu və bu davranışı ilə bağlı demək istəyirəm ki, Azərbaycan dövlətinin və onun başçısı İlham Əliyevin ortaya qoyduğu mövqe doğrudur və təqdir olunmalıdır. Ona görə yox ki, Azərbaycan BMT-də Ukraynanın təqdim etdiyi bəyannamə layihəsinə səs verib. Ona görə ki, Azərbaycan bu cəsarətli addımı ilə beynəlxalq hüququn, dövlətlərarası münasibətlərdə bağlanmış sazişlərin qeyd-şərtsiz yerinə yetirilməsinin, qlobal təhlükəsizlik sistemlərinin yanında olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda, bu cür davranışla Azərbaycan dünya təhlükəsizlik nizamına uyğun bütöv bir baxış ortaya qoydu ki, bu da ərazisinin 20 faizi işğal olunmuş bir ölkə üçün ədalətli sülhü özündə daşıyan prinsipial yanaşma, mövqe kimi dəyərləndirilməlidir.
Bəzi siyasətçilər, ekspertlər isə daha radikal mövqenin ortaya qoyulmasını tələb edirdilər. Ancaq Krımın işğalı, rus qoşunlarının Ukraynanın cənub və şərq sərhədlərində, Moldovanın Dnesrtyanı bölgəsində yığılması, hər an qlobal təhlükəsizliyin pozulması kimi təhlükənin real olduğu bu vəziyyətdə Azərbaycanın dövlət başçısının seçdiyi mövqe düzgündür, uzaqgörəndir. Türkiyə Ordusunun Baş Qərargah rəisinin və Baş nazir Ərdoğanın Azərbaycana səfəri də bu prosesin tərkib hissəsi kimi dəyərləndirilməli, təqdir olunmalıdır.
Ancaq bu prosesdə təəssüfləndirici məqamlar da az deyil. Belə ki, Ukrayna ətrafında baş verən proseslərdən ruhlanan bəzi qüvvələr tələskənliyə yol verdilər, bununla da həqiqi üzlərini ortaya qoydular. Təəssüf ki, bu cür antiazərbaycan mövqeyini ortaya qoyanlar arasında  həm ölkə xaricində, həm də daxilində fəaliyyət göstərən insanlar da tapıldılar. Bunlar o insanlardır ki, zamanında Azərbaycanın müstəqilliyinin əleyhinə olmalarına baxmayaraq, 23 illik müstəqillik dövründə ondan ən çox bəhrələnənlər oldular. Belə insanlar Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrində, hətta idarəetmə orqanlarında  da var.
Bu çərçivəyə son zamanlar Azərbaycanda fəaliyyət göstərən bəzi dini cərəyanları da aid etmək istəyirəm. Xüsusilə din pərdəsi altında fəaliyyət göstərən bəzi şəbəkələrin hakimiyyət strukturlarına sızması haqda informasiyaları Azərbaycan dövlətçiliyi üçün çox təhlükəli sayıram. Qlobal səviyyədə şəbəkələşmiş gizli bir gücün hakimiyyət strukturlarına sızması gələcəkdə dövlət içində dövlətin yaranmasına gətirə bilər. Bu da Azərbaycanın müstəqilliyinə və xarici iradədən asılı olmayan siyasət yürütməsinə məhdudiyyət yarada bilər. Bunun qarşısının alınmasını doğru hesab edirəm və inanıram ki, belə də olacaq. Hamı bilməlidir ki, Azərbaycanda bütün fəaliyyətlər millətin və dövlətin əbədiyyəti, rifahı və təhlükəsizliyi üçündür. Azərbaycanın müstəqilliyi bizim üçün ən böyük dəyərdir və dövlətin toxunulmazlığı qırmızı xətdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən deputat həmkarım və adaşım Musa Qasımlının qaldırdığı məsələni tam dəstəkləyirəm və onun davamı olaraq səhiyyə turizmi,  Azərbaycandan kənara müalicə və müayinəyə gedən vətəndaşlarımızın üzləşdiyi problemlər barədə danışmaq və bu problemlərin həlli yolları, eləcə də aradan qaldırılması ilə bağlı təkliflərimi söyləmək istəyirəm.
Əgər XX əsri sərhədsiz həkimlər əsri adlandırırdılarsa, XXI əsr artıq sərhədsiz pasiyentlər əsridir. Dünyanın hər yerində səhiyyə turizmi normal bir hal almışdır. Ötən əsrin 70–80-ci illərindən başlayaraq dünyanın hər yerində insanlar özlərinə sərf edən, özlərinə uyğun olan yerlərdə müalicə almağı üstün tuturlar. Artıq dünyada qlobal tibbi xidmətlər bazarı formalaşıb ki, onun illik dövriyyəsi yarım trilyon dollardan artıqdır.  Bu xidmətin özünün ayrıca infrastrukturu, menecmenti var, akkreditasiya orqanları, sığorta və turizm agentlikləri var.
Onu da deyim ki, Amerika Birləşmiş Ştatlarından ildə iki milyona yaxın insan Şərq dövlətlərinə – Sinqapura, Tayvana, Tailanda müalicəyə gedir. Azərbaycandan da Türkiyəyə, İrana, İsrailə, Almaniyaya, Rusiyaya və sair ölkələrə müayinə və müalicəyə gedənlər var. Mən demirəm ki, onların sayı o qədər çoxdur. İldə bizdə təxminən 1 milyon xəstələnmə, müayinə halı varsa, onun 0,5–1 faizinin xaricə getməsi o qədər də təhlükəli rəqəm deyil. Amma bu insanların orada müalicəsinin təşkili,  digər sosial problemlərin həlli, müalicənin zəmanətli şəkildə həyata keçirilməsi, davamlı olması ilə bağlı, demək olar ki, heç bir qarantiyaları yoxdur.
Buna görə də mən təklif edirəm ki, ya Səhiyyə Nazirliyinin, ya da Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Səhiyyə-turizm şöbəsi yaradılsın və dövlət bu işi öz əlinə alsın. Həm vətəndaşlarımızın getdiyi ölkələrdə, həm də Azərbaycanda müxtəlif işbazlar var ki, insanları yönəldirlər, fırıldaq yollarla pullarını alırlar. Onları lazım olmayan müayinələrə, müalicələrə cəlb edirlər və vətəndaşlarımız da bundan çox əziyyət çəkirlər. Bəzilərinin müəyyən hüquqi bilikləri, getdiyi ölkə barədə informasiyaları olmur. Harada, nə qədər qalacaqlarını, hansı klinikaya gedəcəklərini bilmirlər. Bunların hamısını dövlət öz üzərinə götürməli və təşkil etməlidir. Eyni zamanda, belə bir şöbənin yaranması Azərbaycanın  səhiyyə potensialını da xarici turistlərin üzünə aça bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən dəfələrlə burada ölkənin müxtəlif regionlarında siyasi məhkəmələrin getməsi barədə mövqe ifadə etmişəm. O mövqedən sonra, həm də beynəlxalq təşkilatlar haqlı olaraq da həmin rəyi veriblər. İstər “İsmayıllı işi”nə görə tutulan İlqar Məmmədov, Tofiq Yaqublu və digərlərinin, istərsə də Qurban Məmmədov və Yadigar Sadıqovun məhkəmə işlərini araşdırarkən bir daha şahidi olursan ki, ölkədə məhkəmə sistemi, bütövlükdə bu prosesləri aparan şəxslər fakta və hadisəyə yox, siyasi sifarişə görə qərarlar verirlər.
Bu gün NİDA-çıların məhkəməsi yekunlaşdı. Mən, sadəcə olaraq,  prokurorun istədiyi işə baxanda dəhşətə gəldim: 8 il, 7 il, 6 il. Sanki bu insanlar  ağır bir cinayətdə ittiham olunurlar və irəli sürülən ittihamlar öz sübutunu tapmış kimi görünür. Halbuki o məhkəmə prosesini izləyənlərin hamısı görürdü ki, sadəcə, hər bir şey söz oyunundan, şahidlər isə sifarişli şahidlərdən başqa bir şey deyil. Nə vaxta qədər məhkəmə sistemində bu şəkildə proses davam edəcək? Nə vaxta qədər Azərbaycana xeyir verə biləcək, Azərbaycanın gələcəyini qura biləcək bu gənc insanları bu şəkildə həbsə atıb, 8 il, 10 il məhkumluq həyatı yaşadıb, sonra yararsız bir insan kimi cəmiyyətə buraxacaqlar?
Hesab edirəm ki, nəhayət, Milli Məclis bununla bağlı bir optimal qərar qəbul etməlidir. Qarşıdan əlamətdar gün – 28 may Cümhuriyyət günü gəlir. Mən hesab edirəm, Milli Məclis amnistiya haqqında bir qanun hazırlamalı və Azərbaycanda yeni münasibətlər sisteminin yaranması baxımından bu insanların hamısı həbsdən azad olunmalıdır. Yenə deyirəm, o məhkəmə işlərinə, şahid ifadəsinə baxanda, sadəcə, adam təəssüf edir ki,  XXI əsrdə Azərbaycanda məhkəmə sistemi bu şəkildə fəaliyyət göstərir. Mən hesab edirəm ki, NİDA-çı gənclərin üzərinə bu qədər ağır yük qoymaq, heç bir cinayət əməli olmadan onlara bu qədər həbs istəmək prokurorluq orqanları üçün də, sadəcə, utancdır. Təşəkkür edirəm.
Sədrlik edən. İqbal bəy, mən Sizin çıxışınızı şərh eləmək fikrində deyiləm, sadəcə, bir daha nəzərinizə çatdırıram ki, Azərbaycanda siyasi məhbus yoxdur. Konkret cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmələr tərəfindən məhkum edilmiş insanlar var. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli deputatlar, mən də gündəliyə səs verəcəyəm, lakin burada bir sual səsləndirildi. Mən təklif edərdim ki, o sualı həmin o uşaqları öyrədib əlinə Molotov kokteyli,  daş, dəmir parçası verən, polisin üzərinə göndərən adamlara ünvanlayın. Öz övladlarını qoruyub başqasının övladının beynini doldurub, qızışdırıb müxtəlif qanun pozuntularına yönəldənlərdən soruşun. Hər gün onlarla görüşürsünüz, söhbət edirsiniz. Niyə xalqın uşaqlarını bədbəxt edirlər? Niyə onları ali məktəblərə, universitetlərə, kitabxanalara, ağac əkməyə, yol çəkməyə yox, polisin üzərinə və iğtişaş törətməyə, əhalinin mülkiyyətinə ziyan vurmağa göndərirsiniz?
Ziyafət müəllim çox gözəl qeyd etdi, Azərbaycanda siyasi məhkəmə yoxdur. Bu siyasi məhkəmə termini haradandır? Bu və ya digər cinayət faktı əsasında aparılan işlər var. Məhkəmənin hökmü olmamış indidən onun çıxardığı və ya çıxaracağı qərarın üzərinə kölgə salmaq olmaz, çünki hər bir məhkəmədən sonra başqa bir instansiya məhkəməsi var. Əgər bunun qərarı ilə razı deyilsənsə, hüquq müstəvisində məsələləri digər yerlərdə araşdıra bilərsən və bu, Avropa Məhkəməsinə qədər də uzana bilər. Biz Avropa Şurasının üzvüyük. Ona görə də avtomatik olaraq burada siyasi məhbusdan, siyasi məhkəmədən söhbət gedə bilməz. Törədilən cinayət faktları ilə əlaqədar aparılan işdən söhbət gedə bilər.
Dəfələrlə biz şahidi olmuşuq ki, Azərbaycan iqtidarı, cənab Prezident tərəfindən dəfələrlə əfv fərmanları verilibdir. Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanımın təşəbbüsü ilə bir neçə il bundan öncə Milli Məclisdə 20 min insanı əhatə edən böyük bir amnistiya aktı qəbul olundu. Bu proses də davam edir. Ona görə yox ki, kim isə hansısa siyasi partiyanın üzvüdür, ona görə əfvə və ya amnistiyaya düşəcək. Kimin maddəsi düşürsə, həmin adam azad olunur. Burada müəllim də,  həkim də,  başqa peşə sahibi də ola bilər. İxtisasından, peşəsindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir kəs qanun qarşısında bərabərdir və qanun qarşısında cavabdehlik daşıyır. O baxımdan mən hesab edirəm ki, Azərbaycanda bu proses çox ədalətli şəkildə həyata keçirilir.
Hörmətli Ziyafət müəllim, gündəliyimizdə bir çox məsələlər var. Bu gün Hesablama Palatasının hesabatını dinləyəcəyik. Ona görə təklif edirəm ki, çıxışlar kəsilsin və gündəlikdəki məsələlərin müzakirəsinə keçək. Sağ olun.
Sədrlik edən. Əgər təkid eləyən yoxdursa, hesab edirəm ki, Siyavuş müəllimin təklifi çox yerindədir. Gündəliyə keçə bilərik?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təşəkkür edirəm, çox sağ olun.
Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqındadır. Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, buyurun.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Bu ali kürsüdən ilk dəfə çıxış etməklə Hesablama Palatasının 2013-cü ildə fəaliyyətinə dair hesabatı sizə təqdim etmək istərdim. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində dayanıqlı makro-iqtisadi sabitlik şəraiti təmin edilmiş, dinamik iqtisadi artım formalaşmış, ölkənin maliyyə resursları daha da artmışdır ki, bu da maliyyə imkanlarının genişlənməsinə və şaxələnməsinə səbəb olmuş, eyni zamanda, büdcə prosesinin təkmilləşməsi nəticəsində fiskal fəzanın genişləndirilməsini prioritet vəzifələrdən birinə çevirmişdir. Qeyd edilənlər isə dövlət maliyyə nəzarətinin rolunun və əhəmiyyətinin artırılması ilə yanaşı, eyni zamanda, onun daha şəffaf və çevik olmasını tələb edir.
Göstərilən prioritet vəzifələrin icrası olaraq hesabat ilində ali maliyyə nəzarəti orqanı kimi Hesablama Palatası  fəaliyyətinin daha səmərəli və keyfiyyətlə icrasına xüsusi diqqət yetirmişdir. Müzakirəyə təqdim edilmiş hesabatda millət vəkillərinin əvvəlki illərdə irəli sürdüyü bir sıra təklif və tövsiyələr də nəzərə alınmışdır.
Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Təməl prinsiplərinin əks olunduğu Lima bəyannaməsində ali audit qurumlarının ilkin və sonrakı nəzarəti həyata keçirməklə büdcə prosesində və ümumilikdə, ölkənin maliyyə resurslarının effektiv və professional idarə edilməsində mühüm funksiyalara malik olması qeyd edilmişdir. Həmin funksiyaların müəyyən hissəsini palata ekspert-analitik fəaliyyəti vasitəsilə həyata keçirir. Hesabat ilində bu məqsədlə Hesablama Palatası dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə, dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəylər hazırlamışdır. Həmin rəylərin geniş şəkildə hörmətli millət vəkillərinə təqdim olunduğunu və aidiyyəti qanunların qəbulu zamanı nəzərə alındığını əsas tutaraq onlar barədə geniş məlumat vermək istəmirəm.
Hörmətli millət vəkilləri, 2013-cü ildə sonrakı nəzarətin təmin edilməsi məqsədi ilə Hesablama Palatası tərəfindən 75 audit tədbiri keçirilmişdir ki, bu da 2011-ci illə müqayisədə 29, 2012-ci illə müqayisədə isə 7 audit tədbiri çoxdur. Nəzarət tədbirlərinin dövlət vəsaitlərinin strukturuna görə bölgüsünə gəldikdə həyata keçirilmiş audit tədbirlərinin  5-i dövlət büdcəsinin gəlirləri ilə bağlı olan fəaliyyəti, 59-u müxtəlif qurumlar tərəfindən büdcə vəsaitlərinin, 7-si Dövlət Torpaq Fondunun istifadəsi ilə bağlı olan fəaliyyəti, 4-ü isə büdcədənkənar dövlət fondlarının istifadəsi ilə bağlı vəsaitləri əhatə etmişdir.
Hesabat ili ərzində Hesablama Palatası tərəfindən həyata keçirilmiş hər bir nəzarət tədbiri barədə Milli Məclisə ayrı-ayrılıqda məlumat verildiyini nəzərə alaraq audit fəaliyyətimizin ümumiləşmiş nəticələrini diqqətinizə çatdırmaq istərdim. İlk olaraq qeyd edim ki, hesabat ilində aparılmış audit tədbirləri büdcə xərclərinin funksional təsnifatının, demək olar ki, bütün bölmələrini əhatə etmiş və 2013-cü ildə Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi və onun tabeçiliyində olan qurumlar, Təhsil Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyaları ilə bağlı dövlət proqramı, Dövlət Fitosanitar Nəzarət Xidməti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və digər təşkilatlarda audit tədbirləri ilk dəfə həyata keçirilərək əhatə dairəsi genişləndirilmişdir.
Aparılmış audit tədbirlərinin nəticələri, ayrı-ayrı istiqamətlər üzrə xas olan nöqsanlar aşağıdakılardan  ibarətdir: dövlət orqanlarında şöbə və sektorların yaradılması üçün ştat vahidlərinin normativ aktlarda təsbit edilmiş minimum say həddinə əməl edilməməsi; orta məktəblərdə tarifləşmənin, ali məktəblərdə elmi adlara görə əlavələrin düzgün müəyyənləşdirilməməsi; səhiyyə və mədəniyyət sahəsində ştat saylarının düzgün müəyyən edilməməsi; sosial müdafiə üzrə ödənişlərin təyin edilməsini və ödənilməsini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirmə zərurətinin olması, bu sahədə bəzi qaydaların mövcud olmaması nəticəsində artıq ödəmələrə yol verilməsi; mənzil-kommunal təsərrüfatı sahəsində normativlərin düzgün tətbiq edilməməsi, zərərin və gəlirlərin düzgün hesablanmaması, xidmət haqlarının vaxtında və tam olaraq yığılmaması və xərclərin qeyri-səmərəli istifadəsi; tikinti işlərinin aparılması zamanı layihə-smeta sənədlərinə uyğun işlərin görülməməsi, layihə-smeta sənədlərinin vaxtında ekspertizadan keçirilməməsi, işlər tam görülmədən müqavilə üzrə ödənişlərin tam aparılması; xüsusi razılıq tələb olunan sahələrə dair müvafiq lisenziya olmadan fəaliyyət göstərilməsi və aparılan maliyyə təsərrüfat əməliyyatlarının maliyyə hesabatlarında düzgün əks etdirilməməsi. Bunlar ayrı-ayrı sahələrə xas olan nöqsanlardır. Əlavə olaraq, dövlət orqanlarında ştat sayının optimallaşmasına və büdcə xərcləri ilə aparılan əməliyyatlarda ödəmə mənbəyindən verginin tutulması ilə bağlı fəaliyyətin gücləndirilməsi zərurətinin olduğunu qeyd edə bilərik.
Sadalanan xarakterik nöqsanlarla yanaşı, audit aparılmış təşkilatlara xas olan bəzi ümumi nöqsanları da diqqətinizə çatdırmaq istərdim. Belə nöqsanlara vəsaitdən vahid büdcə təsnifatına uyğun istifadə edilməməsi, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməsi, debitor borcların vaxtında bağlanılmaması, satınalma metodlarının müstəqil surətdə dəyişdirilməsi və ümumiyyətlə, satınalmanın aparılmaması kimi halları aid etmək olar. Nəzarət tədbirinin obyekti olan əksər qurumlarda dövlət satınalmalarının keçirilməsində nöqsanlar aşkarlanmışdır. Diqqətçəkən məqamlardan biri də büdcə vəsaitlərindən istifadə etməklə müsabiqəli satınalma metodlarının əvvəlki illərə nisbətən daha az tətbiq edilməsidir.
Palata tərəfindən həyata keçirilmiş maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələrini ümumiləşdirərək qeyd etmək lazımdır ki, hesabat ilində büdcə qanunvericiliyinin və normativ hüquqi aktların tələblərinin pozulması ilə əlaqədar 4,3 milyon manat və 38 min avro məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmiş, habelə Dövlət Sosial Müdafiə Fonduna çatacaq 196,1 min manat vəsait fondun hesabına  köçürülmüşdür. Palatanın post audit tədbirlərinin nəticəsi kimi ötən illərdə həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinə görə 231,8 min manat məbləğində vəsaitin bərpa edildiyini də qeyd etmək istərdim. Bununla yanaşı, Vergilər Nazirliyi ilə birgə görülən tədbirlər nəticəsində vergi və digər icbari ödənişlər üzrə təqribən 2,5 milyon manat məbləğində əlavə verginin hesablandığını və 17,3 milyon manat məbləğində vergi borcunun uçota alınması təmin edilmişdir.
Vəsaitlərin dövlət büdcəsinə nağd və köçürülmə yolu ilə bərpası ilə yanaşı, yerinə yetirilən iş və xidmətlər  üzrə 1,7 milyon manat məbləğində əlavə iş və xidmətlərin görülməsi, 1,2 milyon manat məbləğində çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmayan inventar və avadanlıqların, dərman vasitələrinin büdcə təşkilatlarına təhvil verilməsi təmin olunmuş, habelə uçotdan kənarda qalmış 49,5 milyon manat məbləğində əsas vəsaitlərin  1,8 milyon manat məbləğində mal və materialların uçota alınması üçün tədbirlər görülmüşdür.
Xarakterik nöqsanlardan biri də yuxarıda qeyd edildiyi kimi, lüzumsuz debitor borcların mövcudluğudur. Qabaqcadan aparılan ödənişlər hesabına yaradılmış 7,3 milyon manat məbləğində debitor borcun uçota götürülməsi və 86,3 milyon manat məbləğində debitor borcun bağlanması audit tədbirləri nəticəsində təmin edilmişdir. Hesabat ilində nəzarət tədbirləri nəticəsində 13 nəzarət obyektində 99 ştatın ləğv edilməsinə nail olunmuşdur.
Bütün bunlarla yanaşı, 2013-cü ildə vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə hallarına və bir çox ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə ümumilikdə təqribən 2,3 milyon manat məbləğində zərər vurulma ehtimalını nəzərə alaraq “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Aqroservis filialı və cəmiyyətin Şəki regional lagistik bazası, habelə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin təsərrüfat hesablı Baytarlıq təchizatı birliyi üzrə yoxlama materialları müvafiq qaydada Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Ümumiyyətlə, Hesablama Palatası tərəfindən qəbul edilmiş qərarların icrasının təmin edilməsi məqsədi ilə aidiyyəti orqanlara 132 təqdimat göndərilmişdir. Bu da 2011 və 2012-ci illərlə müqayisədə müvafiq olaraq 75 və 32 ədəd çoxdur. Təqdimatların 26,5 faizi nazirlik, komitə və baş idarələrə, 37,2 faizi onların yerli qurumlarına, 3 faizi büdcədənkənar fondlara və 33,3 faizi isə digər orqanlara göndərilmişdir.
Hesabat ilində audit tədbirləri nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqlara yol verən 254 nəfər məsul şəxsə qanunvericiliklə nəzərdə tutulmuş qaydada intizam tənbehinin tətbiq edildiyini nəzərinizə çatdırmaq istərdim. Bununla belə, büdcə vəsaitlərinin istifadəsi zamanı günahkar şəxslərin cəzalandırılması ilə əlaqədar görülən tədbirlərlə yanaşı, bəzi büdcə təşkilatlarında intizam tənbehlərinin yetərli olmadığını qeyd etməliyik. Belə ki, kifayət qədər artıq ödənişə və digər nöqsanlara yol verilən işçilərə qarşı bəzi qurumların rəhbərləri tərəfindən loyal münasibət göstərilir ki, bu da son nəticədə nəzarət tədbirlərinin nəticələrinin təsirliyinin azalmasına şərait yaradır.
Hesablama Palatası tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısının alındığını, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsinin təmin edildiyini qeyd edə bilərik ki, onun da ümumi məbləği əvvəlki illərdə olduğu kimi, hesabat ilində də Hesablama Palatasının saxlanılmasına sərf edilmiş büdcə vəsaiti ilə müqayisədə  dəfələrlə çoxdur.
Ümumiyyətlə, hesabatda göstərildiyi kimi, demək olar ki, bütün büdcə təşkilatlarında yol verilən nöqsanlar, əsasən, büdcə qanunvericiliyinin, maliyyə intizamının, mühasibat uçotunun qaydalarının pozulması halları ilə bağlıdır. Aparılan nəzarət tədbirləri  zamanı bizim mütəxəssislər audit olunan təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edir. Lakin bununla yanaşı, preventiv təsirin artırılması məqsədi ilə büdcə qanunvericiliyinin pozulmasına görə tətbiq olunan müxtəlif xarakterli cərimələr, sanksiyalar və digər inzibati xarakterli tədbirlərin daha da gücləndirilməsinə ehtiyac duyulur.
Hörmətli millət vəkilləri, aparılmış nəzarət tədbirləri, eyni zamanda, büdcə xərcləmələrinin normativ bazasının gücləndirilməsinə və bəzi sahələr üzrə yeni normativlərin işlənməsinə, normativ hüquqi aktlarda boşluqların aradan qaldırılmasına, icra prosesində ziddiyyət təşkil edən,  birmənalı anlaşılmayan müddəalara yenidən baxılmasına ehtiyac olduğunu da göstərir. Son illərdə palatanın fəaliyyətinin nəticə göstəricilərindən biri də nəzarət tədbirləri nəticəsində müəyyən edilmiş bu məqamlarla bağlı müvafiq təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsidir. Hesabat ilində 15 təklifin hazırlandığını nəzərə alsaq, son 5 ildə Hesablama Palatası tərəfindən bu məqsədlə dövlət maliyyə idarə edilməsi və büdcə prosesini əhatə edən 100-dən çox təklifin müvafiq qaydada hökumətə ünvanlandığını deyə bilərik.
Hesabat ilində Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri ilə yanaşı, cari fəaliyyəti ilə bağlı bir neçə istiqaməti diqqətinizə çatdırmaq istərdim. 2013–cü ildə Bakı şəhərində keçirilmiş “Ali audit qurumlarının potensialının gücləndirilməsinin müasir çağırışları” mövzusunda EUROSAI və ARABOSAI təşkilatlarının IV Birgə Konfransı Hesablama Palatası üçün xüsusilə qiymətli olmuşdur. Avropa ölkələri içərisində ikinci ölkə olaraq Azərbaycanda keçirilən bu beynəlxalq tədbirdə 6 beynəlxalq və regional təşkilata üzv 44 ölkənin Ali Audit Qurumundan 100-dən çox nümayəndə, o cümlədən 27 ölkənin Ali Audit Qurumlarının birinci şəxsləri, həmçinin EUROSAI və ARABOSAI təşkilatlarının prezident və baş katibləri ilə yanaşı, AFROSAI təşkilatının da Baş katibi bu konfransda iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciəti dövlət başçısı tərəfindən Ali Audit Qurumlarının fəaliyyətinə xüsusi diqqətin ifadəsi kimi qiymətləndirilmiş, Milli Məclisin konfransın işində yüksək səviyyədə iştirakı isə respublikamızda parlament tərəfindən ali maliyyə nəzarət orqanının fəaliyyətinə verdiyi yüksək dəyərin ifadəsi kimi qəbul olunmuşdur.
Həyata keçirilən başqa bir mühüm istiqamət Hesablama Palatasının fəaliyyətinin qabaqcıl təcrübə və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə “Korporativ və dövlət sektorunda hesabatlıq” layihəsi çərçivəsində palatanın 2012–2014-cü illər üzrə strateji inkişaf planının həyata keçirilməsi ilə bağlı layihənin icrasıdır. Palatanın qanunvericilik bazasının INTOSAI-nın standartlarına uyğun təkmilləşdirilməsi, Beynəlxalq Audit Standartlarının (ISSAI) Azərbaycan dilinə tərcümə olunması, həmin standartlara uyğunluq, fəaliyyət və risk əsaslı maliyyə auditləri üzrə təlimatların tərtib edilməsi, bu audit metodları üzrə təlim ehtiyaclarının müəyyən olunması bu layihənin əsas məqsədlərindəndir.
Beynəlxalq standartlara uyğun və qlobal çağırışlara cavab verən fəaliyyətin həyata keçirilməsinin təmin edilməsi, maliyyə inzibatçılığının təkmilləşdirilməsində öz rolunu layiqincə yerinə yetirmək məqsədi ilə Hesablama Palatası 2014-cü ildə fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə planlaşdırmışdır. İlk olaraq qeyd edim ki, bu, dövlət büdcəsində proqramlıq səviyyəsinin ildən-ilə artdığını nəzərə alaraq nəzarət tədbirlərini daha çox proqramlarla əhatə olunan infrastruktur, sosial və digər layihələrə yönəldilməsi ilə bağlıdır.
İkinci əsas istiqamət isə dövlət büdcə xərclərinin əhatəliliyinin artırılmasıdır.
Üçüncü, nəzarət tədbirlərinin nəticələri üzrə qəbul edilmiş kollegiya qərarları ilə bağlı Hesablama Palatası tərəfindən göndərilmiş təqdimatların əsassız olaraq icra edilməməsi hallarına görə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası  Qanununun 16.1-ci maddəsinin tətbiqi ilə bağlı mexanizmlərin hazırlanmasıdır. Fikrimizcə, bu, nəzarət tədbirlərinin nəticəliyini təmin etməklə dövlət maliyyə idarəetməsinin effektivliyinin yüksəldilməsinə, maliyyə vəsaitlərinin səmərəli istifadəsinə və hesabatlığın artırılmasına xidmət etmiş olar.
Dördüncü və sonuncu əsas istiqamət kimi bütövlükdə palatanın nəzarət metod və metodologiyasının beynəlxalq audit standartlarının tövsiyələrinə uyğunlaşdırılması, bu istiqamətdə INTOSAI icmasının imkanlarından maksimum yararlanmadır.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qabaqcıl beynəlxalq təcrübənin və standartların mövcud imkanlar çərçivəsində tətbiqi, BMT-nin məlum qətnaməsinin müddəalarının, həmçinin hesabat ilində Bakıda keçirilmiş ARABOSAI və EUROSAI təşkilatlarının birgə konfransında qeyd olunmuş tövsiyələri əsas götürməklə 2012-ci ilin 29 dekabrında  təsdiqlənmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında büdcə vəsaitlərinin formalaşması və istifadəsi sahəsində fiskal intizamın təmin edilməsinə, vəsaitlərin düzgün bölüşdürülməsinə və xərclərin səmərəliyinin artırılmasına xüsusi diqqətin yetirilməsi ilə bağlı müəyyən edilmiş hədəfə çatmaq qarşımızda duran ən mühüm vəzifədir. Həmin vəzifələrin yerinə yetirilməsi və dövlətin maliyyə inzibatçılığının gücləndirilməsi istiqamətində Hesablama Palatasının hökumətə dəstəyinin artırılması üçün mövcud qanunvericiliyin təkmilləşməsi ilə bağlı sizlərlə əməkdaşlıq bizim üçün xüsusilə qiymətlidir. Birgə fəaliyyətimizin dövlətimizin inkişafına mühüm töhfə verəcəyinə əminik və sizlərin etimadınızı doğrultmağa çalışacağıq. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Vüqar müəllim. Buyurun, əyləşin. Hesablama Palatasının hesabatının müzakirəsinə başlayırıq. Siyavuş müəllim, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Bilirsiniz ki, hesabat hər birimizə də paylanıb və onunla yaxından tanış olmuşuq. Həmçinın Hesablama Palatasının sədrinin də çıxışını dinlədik. Mən deputat həmkarlarımdan bir xahiş etmək istəyirəm. Nəzərə alaq ki, ilk hesabatdır. Hesablama Palatasının keçmiş sədrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  kənd təsərrüfatı naziri təyin olunması bir daha Hesablama Palatasının gözəl işləməsinə dəlalət edir. Hesablama Palatasının indiki sədri də çox bacarıqlı, istedadlı bir iqtisadçıdır. Uzun müddət Hesablama Palatasında çalışıb və bizim tərəfimizdən də təsdiq olunubdur. Onun ilk hesabatı olduğuna görə  deputat həmkarlarımdan bunu nəzərə almalarını xahiş edirəm.  Təkliflərimizi verməklə Hesablama Palatasının  hesabatını qəbul edək. Təşəkkür edirəm, Ziyafət müəllim.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında hesabatı  böyük maraqla oxuduq. Hesabatda dövlət büdcəsi, iqtisadiyyatın inkişaf tempi ilə bağlı müsbət məqamlar öz əksini tapmışdır. Hesabata görə 2013-cü ildə dövlət büdcəsinin gəlirləri xərcləri üstələmiş, Azərbaycan rəqabət qabiliyyətlilik indeksinə görə 148 ölkə arasında 39, MDB ölkələri arasında birinci mövqeyini qoruyub saxlamış, regionun ən rəqabət qabiliyyətli ölkəsinə çevrilmişdir.
Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, cənab Heydər Əsədovun sədrliyi dövründə bu qurum tərəfindən aparılan audit yoxlamaları zamanı əsas tutulan prinsipiallıq, obyektivlik və şəffaflıq prinsiplərinə indiki rəhbərlik tərəfindən də əməl olunmaqdadır. Mən bu nöqteyi-nəzərdən Siyavuş müəllimin çıxışını tam dəstəkləyirəm. Audit zamanı aşkar edilən qüsurlar, çatışmazlıqlar, məmurların öz vəzifələrindən sui-istifadə halları gizlədilməyib, müsbət işlərlə yanaşı, neqativ hallar da ətraflı  şəkildə qeyd edilib. Düşünürəm ki, bu, ölkə rəhbərliyinin korrupsiyaya qarşı elan etdiyi mübarizənin ən bariz nümunəsidir.
Bütün bunlarla yanaşı, hesabatda əks olunan məlumatlarla bağlı öz fikirlərimi qeyd etmək istərdim. Hesabatda göstərilir ki, 2014-cü ilin büdcə layihəsində təhsil bölməsi üzrə nəzərdə tutulmuş vəsait 2013-cü illə müqayisədə 8 faiz çoxdur və bu göstərici ildən-ilə artmaqdadır. Çox istərdim ki, artım müəllimlərin əmək haqlarında əhəmiyyətli dərəcədə öz əksini tapsın.
Digər bir məqam isə texniki peşə məktəblərinin strukturunda yeni peşə təhsili müəssisələrinin yaradılmasının nəzərdə tutulmasıdır. Mən bu fikri alqışlayıram, çünki təhsillə bağlı məsələlər müzakirə olunanda mən rayon yerlərində texniki peşə məktəblərinin bərbad vəziyyətdə olması barədə dəfələrlə çıxışlar etmişəm. Qəbulumuza işlə bağlı gələn seçicilər, əsasən, ya ali təhsilli, ya da, ümumiyyətlə, təhsilsiz gənclər olurlar. Bu onu göstərir ki, texniki peşə təhsili və gənclərin tələbat duyulan peşələrə yiyələnmək həvəsi yox dərəcəsindədir. Bununla belə, yeni peşə təhsili müəssisələrinin yaradılmasının əleyhinə deyiləm. Amma hesab edirəm ki, ilk növbədə texniki peşə məktəblərində mövcud olan peşələr üzrə tədris gücləndirilməli, maddi-texniki baza yaxşılaşdırılmalı, şagirdlərin dərsə davamiyyəti təmin edilməli, peşəkar kadrlar yetişdirilməli və ən əsası da dövlət müəssisələrində onların işlə təmin olunması üçün planlı şəkildə tədbirlər görülməlidir.
Hesabata görə 2012-ci ildə də əvvəlki illərdə olduğu kimi, “Malların satınalınması” və “Qeyri-maliyyə aktivlərinin alınması” bölmələrində xərc maddələri üzrə icra ilkin büdcə göstəricilərindən də aşağı olmuşdur. Mənzil-kommunal təsərrüfat xərclərinin təhlili də bu sahədə problemlərin olduğunu göstərir. Bunların da əsas səbəbi hesabatda göstərildiyi kimi, hesablamaların təxmini olaraq həyata keçirilməsidir. Həm də deyərdim ki, digər bir səbəb də müvafiq qurumlarda xərclərin hesablanmasında real bazar qiymətlərinin, real tender nəticələrinin deyil, müəyyən maraqların nəzərə alınmasıdır. Sirr deyil ki, malların satınalınması ilə məşğul olan bəzi qurumlar bu prosesdə süründürməçiliyə, sahibkarlara qarşı bürokratik əngəllərin yaradılmasına yol verərək xərclərin icrasını ləngidir, nəticədə həmin vəsait istifadə olunmamış qalır. Yeri gəlmişkən, bu bəla sovet vaxtının ən ağrılı problemlərindən biri idi və 1970–1980-ci illərdə, Azərbaycan, demək olar, yeganə respublika idi ki, Moskvanın iqtisadiyyatımıza ayırdığı böyük vəsaitləri hətta vaxtından əvvəl realizə edirdi. İstərdim ki, biz bu təcrübədən yararlanaq, dövlət büdcəsinin vəsaitlərindən daha səmərəli istifadə edək.
Məni hər zaman maraqlandıran məsələlərdən biri də məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti olmuşdur. Bu məsələyə də hesabatda  geniş yer ayrılıb və çox maraqlı faktlar gətirilir. İstərdim ki, rayonlarda məktəbəqədər təhsil müəssisələrinin açılmasına diqqət artırılsın. Yaddan çıxarmamalıyıq ki, kənd yerlərində valideynlər uşaqları məktəbə özləri hazırlaya bilmir və şəhərə nisbətən imkanları məhduddur. Buna görə bağça yeganə yerdir ki, orada uşaqların məktəbə hazırlığı lazımi səviyyədə təşkil edilir. Məhz buna görə son illər hətta kəndlərdə bağçalara tələbat kəskin şəkildə artıb. Məsələn, hansı isə kənddə bağça açılırsa və orada 40 yer nəzərdə tutulursa, ətraf kəndlərdən 90–100 nəfər növbəyə durur. Mən deyərdim ki, şəhərin özündə bu qədər növbə olmur.
Bu məsələ ilə bağlı hesabatda olan bir məqam diqqətimi cəlb edib. Belə ki, “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramı (2007–2010-cu illər)” üzrə nəzərdə tutulan vəsait icra edilməyib. Dəhşətli faktdır. Mənə maraqlıdır ki, bu cür təhsil müəssisələrinə böyük ehtiyac olduğu halda nəzərdə tutulan vəsaitin icra edilməməsinin səbəbi nədir? 2010-cu ildən bu yana keçən 4 il ərzində nə isə dəyişibmi?
Bundan başqa, hesabatda dəfələrlə istifadə olunan bir ifadə diqqətimi çəkdi. Bu bir çox yerdə qeyd olunur. Keçən illərdə olduğu kimi, 2013-cü ildə də filan çatışmazlıq aşkar edilmiş, filan pozuntuya yol verilmiş və sair. Bu ifadədən göründüyü kimi, mövcud olan problem ildən-ilə ötürülür. Bilmək istərdim ki, problemlərin həlli üçün hansı tədbirlər görülür, hansı orqanlara məlumat verilir ki, eyni problem, eyni qanun pozuntusu, məmurların vəzifələrindən sui-istifadə halları növbəti ildə təkrarlanmasın. Mənə elə gəlir ki, Hesablama Palatasının ən vacib işi də bundan ibarət olmalıdır. Ümumiyyətlə, mən Hesablama Palatasını təbrik edirəm, hesabat çox gözəl tərtib olunub. İstərdim ki, qaldırdığım məsələlərlə bağlı hörmətli Vüqar müəllim öz fikirlərini bildirsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, görürəm ki, yazılanlar çoxdur, hamı danışmaq istəyir. Bəlkə reqlamenti 5 dəqiqə edək? Olarmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda səsə qoymağa ehtiyac yoxdur, təklif qəbul olundu.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də hörmətli həmkarlarımın o mövqeyini bölüşürəm ki, ötən illər ərzində Hesablama Palatası ali maliyyə nəzarəti qurumu kimi formalaşa bildi. Zaman vardı ki, ayrı-ayrı dövlət təşkilatları bu qurumu nəinki tanımaq istəmirdilər, hətta onu qapıdan qovurdular, yaxına buraxmaq istəmirdilər. Bir təsisat kimi onun mövqeyini qəbul etmirdilər və sair. Heydər Əsədovun həm şəxsiyyəti, istedadı, bacarığı, həm də dövlət idarəetmə sistemindəki yeri imkan verdi ki, bu qurum formalaşsın, mühüm bir təsisata çevrilsin. Şübhəsiz ki, bu, parlamentin özünün də mövqeyinə təsir göstərən bir amildir, çünki bu ölkədə, sadə xalq dili ilə desək, maliyyə yoxlamalarını, əsasən, bu qurum aparır. Təbii ki, buradakı seçilən hər bir metodoloji prinsip sınaqdan keçibdir. Eyni zamanda, hörmətli Vüqar müəllimin məruzəsindən də göründü ki, onlar beynəlxalq əlaqələrini də yaxşı qurublar. Bu şəxsin özünün də peşəkarlığı və bacarığı görünür və əminəm ki, o əvvəlki xətt davam edəcəkdir.
Hörmətli Ziyafət müəllim, Sizin və Siyavuş Novruzovun qeydini nəzərə alıb daha qısa çıxış etməyə çalışacağam. Bir neçə məsələyə aydınlıq gətirilməsini arzulayıram. Birinci növbədə, burada qeyd olundu ki, 75 yoxlama 4,5 milyard manat dövlət vəsaitinin geri qaytarılmasını təmin edib. Əgər nəzəri olaraq düşünsək, bu, 750 yoxlama olsa idi, həmin rəqəm də o qədər artmış olacaqdı. Çünki eyni problemlər müxtəlif strukturlarda, demək olar ki, oxşar formada daşınmaqdadır. Rəqəmlərin şişirdilməsi, təyinatı üzrə yönləndirilməməsi və sair. Elə olan təqdirdə düşünürəm ki, bu qurumun müəyyən mənada ştat tərkibinin genişləndirilməsinə və  səlahiyyətlərinin artırılmasına ehtiyac var.
İkinci deyəcəyim məsələ çox önəmlidir, mən bunu ötən hesabat zamanında da qaldırmışdım. Ayrı-ayrı qurumlarda aparılan auditin nəticəsində aşkarlanmış pozuntuların, mənimsənilən vəsaitlərin sonradan geri qaytarılması zamanı mexanizm yoxdur. Həmin vəsaitlər sanki o qurumun bütün insanlarının üzərinə düşür və bu da cəmiyyətdə müxtəlif söz-söhbətlərə səbəb olur. Bir çox sadə vətəndaşın ixtiyarı var, düşünsün ki, mənim günahım ucbatından olmayan pozuntunun, maliyyə əyintisinin cəzasını mən niyə çəkməliyəm? Onu maaşımdan kiçik bir hissə ilə ödəməliyəm və sair. Çox arzulayıram ki, növbəti dönəmlərdə bu məsələni nəzərə alsınlar.
Məktəblərin tikintisi və təmiri ilə bağlı məsələlər auditin əsas funksional istiqamətlərindən biri olubdur. Bilirsiniz, bu çox ciddi bir problemdir. Biz görürük ki, həqiqətən də, məktəblər tenderlə,  ya başqa vasitələrlə – hər hansı bir formada tikilir. Ölkə başçısının ən mühüm siyasəti budur ki, sovet dövründən qalmış məktəblər yeniləşsin. Ancaq bu məktəblərin amortizasiya dövrü, onun keyfiyyət əmsalı nə qədər yüksəkdir? Biz şahidiyik ki, bir ildə tikilmiş məktəb təxminən 7–8 ilə köhnəlir, canını tapşırır, təzədən təmirə dayanır və sair.
4 il bundan əvvəl Britaniyada Kembric Universitetinin xüsusi məktəblərinə getmişdik. 1639-cu ildə xüsusi taxta materiallardan tikilmiş məktəbdir, bu gün də özünün yararlılığını, keyfiyyətini qoruyur, saxlayır. Bizdə 50 il, 70 il, 100 il  davam edəcək və balalarımıza ən yüksək təhsili verməyə imkan yaradacaq məktəblərimizin sıra sayının çoxluğunu arzulayıram. Amma təəssüf ki, əksi olanlar da var.
Burada diplomatik xidmətlə bağlı, yəni Xarici İşlər Nazirliyi və onun ayrı-ayrı səfirliklərinin audit məsələsi yer alıbdır. Çox mühüm bir tezisi bir daha hörmətli Vüqar müəllimin diqqətinə çatdırmaq istəyirəm. Sən demə, diplomatik rütbələrin verilməsinin qaydası yox imiş. Bu çox ciddi bir məsələdir. Azərbaycanın xarici siyasət idarəsinin artıq 23 yaşı var. Bu dövr ərzində çox mühüm bir sahədə bu prinsiplər, bu proses bərqərar olmalı idi. Mən düşünürəm ki, Azərbaycanın, ümumiyyətlə, Xarici İşlər Nazirliyinin də diplomatlarının sayı minlərcə olmalıdır. Şeyx Şamilin  məşhur bir fikri var: “Kiçik xalqlara böyük qılınc lazımdır”. Mən fikirləşirəm ki, sayca kiçik xalqlara çoxlu diplomat, peşəkar siyasətçilər lazımdır. Bir sözlə, mən bu sənədə səs verəcəyəm və qeyd olunan təklifləri nəzərə almağınızı istəyirəm. Sağ olun.
Sədrlik edən. Zahid müəllim, sağ olun, amma bir iradımı bildirməliyəm. Bilirsiniz, Hesablama Palatası Milli Məclisin orqanıdır və ölkənin ali maliyyə nəzarəti qurumudur. Bu orqanı heç kim qova bilməz və heç kim də qovmayıbdır. Xahiş edirəm, ifadələrinizdə bir az dəqiq olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Bu, yeni seçilmiş Hesablama Palatası sədrinin ilk hesabatıdır. Mən belə hesab edirəm ki, uğurlu hesabatdır. Palatada Heydər Əsədov tərəfindən qoyulmuş siyasət  davam etdirilir. Mən arzu edərdim ki, uğurlar daha da çox olsun.
2013-cü ildə Hesablama Palatası tərəfindən təxminən 75 audit tədbiri həyata keçirilib, 132 təqdimat verilib, 3 nəzarət tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunub. Əlbəttə, bunlar böyük rəqəmlərdir. 350 nəfərə yaxın vəzifəli şəxsin cərimələnməsi, o cümlədən palatanın aşkar etdiyi nöqsanlara görə vəzifədən kənarlaşdırılması və sair bu kimi hallar var.
Amma palatanın üzə çıxardığı nöqsanlarla bağlı verdiyi təqdimatlara heç də bütün nazirliklər tərəfindən cavab verilməyib. Mən arzu edərdim ki, Hesablama Palatası daha iradlı, daha qətiyyətli olsun. Yəni onun bildirdiyi iradlara nazirliklər tərəfindən cavab verilsin.
Ümumiyyətlə, Hesablama Palatasının apardığı yoxlamalar mühasibat uçotunun düzgün aparılmaması, xərclər smetasında maddələrin düzgün bölüşdürülməməsi və sair bu kimi halları üzə çıxarır. Misal üçün, mən 2013-cü ilin hesabatında iki sahəni diqqətə çatdırmaq istəyirəm. Səfirlik və diplomatik nümayəndəliklər üzrə aparılan yoxlamaların, demək olar ki, hamısında qanun pozuntuları aşkara çıxarılmışdır. O cümlədən Təhsil Nazirliyində dövlət proqramının yerinə yetirilməsi ilə əlaqədar aparılan yoxlamada məlum olmuşdur ki, əgər dövlət proqramının yerinə yetirilməsi investisiya və dövlət xərcləri hesabına nəzərdə tutulursa, bütün bu proqram yalnız büdcə xərcləri hesabına həyata keçirilir.
Satınalmalarda çox ciddi problemlər var. Əsaslı təmirdə də ciddi problemlər mövcuddur, o cümlədən Təhsil Nazirliyinin institutlarında da eyni problemlər yaşanmaqdadır.
Biz hər il dövlət büdcəsini qəbul edəndə təxminən 6–6,5 milyard manat dəyərində investisiya layihələrini təsdiq edirik. Çox təəssüflər olsun ki, Hesablama Palatası keçən müddət ərzində bu iri layihələrin həyata keçirilməsinə nəzarət mexanizmini işləyib hazırlamayıb. Yəni bizdə dəyəri  təxminən 300 milyon manatdan 1 milyard manatadək olan çox iri layihələr var. Bu layihələr əsaslı tikinti və digər sahələrlə əlaqədardır. Mən arzu edərdim ki, Hesablama Palatası bu iri layihələrin də həyata  keçirilməsini nəzarətə götürsün.
Hesablama Palatası öz hesabatında 15-ə yaxın təklif və rəy verib. Bu təklif və rəylərin hamısı müsbətdir, qəbulediləndir. Mən bunların bir neçəsinə toxunmaq istərdim. Birincisi, hesabatda göstərilir ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən respublika və beynəlxalq əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə ildə təxminən 45–50 milyon manat vəsait xərclənir və bu vəsaitin xərclənməsi hökumət tərəfindən təsdiq olunmuş qaydalarla tənzimlənir. Palata təklif edir ki, bu qaydalarda dəyişiklik edilsin. Hesablama Palatası müəyyən sahələrdə göstərilən xidmətlərə görə  qiymətlərin Tarif Şurası tərəfindən təsdiq olunmasını təklif edir. Hesabatda həmçinin qeyd edilir ki, kənd təsərrüfatı ilə, su təsərrüfatı ilə əlaqədar çox ciddi problemlər var. Ona görə Hesablama Palatası hökumətin qəbul etdiyi aktlarda bununla bağlı müəyyən dəyişikliklərin edilməsini təklif edir.
Satınalmalarla əlaqədar problemi mən qeyd etdim. Ümumiyyətlə, “Dövlət satınalmaları haqqında” Qanuna da təzədən baxmaq lazımdır. Bu qanun uzun müddətdir işləyir. Amma satınalmalarda problemlər mövcuddur. 
Ümumiyyətlə, audit yoxlamalarını apararkən korrupsiya  faktlarının aşkar edilməsi üçün, mən elə hesab edirəm ki, Hesablama Palatasına, – bu məsələni biz Milli Məclisdə bir neçə dəfə qaldırmışıq, – əlavə səlahiyyətlər vermək lazımdır. Yəni Hesablama Palatasına ibtidai istintaqı aparmaq üçün səlahiyyət verməliyik. Misal üçün, Türkiyədə bu təcrübə var. O təcrübədən istifadə etməliyik ki, Hesablama Palatası müəyyən insanları üzə çıxara bilsin.
Ümumiyyətlə, mən belə hesab edirəm ki, Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında verdiyi hesabat müsbət qiymətləndirilməlidir. Mən o hesabata səs verəcəyəm və millət vəkillərini də həmin hesabata səs verməyə çağırıram. 
Sədrlik edən.  Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri, dəvətlilər, media nümayəndələri! Hamını salamlayıram. Hesablama Palatasının təqdim olunan hesabatı belə bir fikir söyləməyə əsas verir ki, bu sənədi sözün əsl mənasında yaxşı formalaşmış professionallardan ibarət bir komanda hazırlayıb. O nöqteyi-nəzərdən bu  hesabatı yüksək qiymətləndirirəm və ona səs verəcəyəm. Deputat həmkarlarımı da ona səs verməyə dəvət edirəm.
Hesablama Palatasının hesabatında, təbii ki, büdcə proseslərinin araşdırılması, maliyyə nəzarəti ilə bağlı məsələlər, korrupsiyaya qarşı mübarizə məsələləri üstünlük təşkil edir. Bu istiqamətdə çox dəyərli tədqiqatlar aparıblar, təkliflər veriblər. Amma burada deyildiyi kimi, vaxta qənaət etmək nöqteyi-nəzərindən mən konkret təkliflərimi vermək istəyirəm.  
Birinci, Azərbaycanda maliyyə vəsaitindən istifadənin səmərəliliyinin artırılması artıq çox ciddi bir məsələ kimi önə çıxıb. Hesablama Palatası ali nəzarət orqanı kimi  Maliyyə Nazirliyinin əlaqədar strukturları ilə bu istiqamətdə faydalı iş görür. Amma reallıq belədir ki, onun nəzarət funksiyası nə qədər güclü olsa da, dövlət maliyyəsinin yalnız az hissəsinə nəzarət edə bilər. Bu nöqteyi-nəzərdən həmin nəzarətin gücləndirilməsini təmin edən hüquqi bazanın möhkəmləndirilməsi məqsədi ilə Dövlət maliyyə nəzarəti haqqında qanunun qəbul edilməsinin sürətləndirilməsini təklif edirik.
Hesablama Palatası debitor və kreditor borclarla bağlı yaxşı tədqiqatlar aparıb. Amma onun aşkarladığı məqamlar ciddi xarakter daşıyan debitor, kreditor borclarının yalnız kiçik bir hissəsidir. Ona görə təklif edirik ki, Hesablama Palatası Milli Məclisin İqtisadi siyasət komitəsi və digər aidiyyəti qurumlarla birlikdə Azərbaycanda debitor və kreditor borclara dair böyük bir konfrans təşkil eləsin və həmin konfransda irəli sürülən təkliflər sistemləşdirilərək hökumətə təqdim edilsin.
Hesablama Palatası əvvəlki illərdə olduğu kimi yenə də ölkəmizin bir sıra səfirliklərinin, bu dəfə İsveç və Çindəki səfirliklərinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsinin auditini aparıb. Bunu müsbət qiymətləndirirəm. Amma Hesablama Palatasına aid olmayan, içimdən gələn bir məsələni qeyd etmək istəyirəm. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bir sıra nazirliklərdə bu cür tədqiqatlarla yanaşı, onların ştat cədvəllərinin optimallaşdırılması, professionallardan ibarət lazımi qədər işçilərlə möhkəmləndirilməsi istiqamətində tədqiqatın aparılmasını, məsələn, Azərbaycanın  Gürcüstandakı səfirliyində belə bir addımın atılmasını zəruri hesab edirəm. Çünki zaman və bizim regionda gedən geosiyasi proseslər tələb edir ki, Gürcüstandakı səfirliyimiz bütün  cəhətlərdən professionalların hesabına möhkəmləndirilsin.
Hesablama Palatasının korrupsiyaya qarşı mübarizə istiqamətində gördüyü işləri də müsbət qiymətləndirirəm. Bir neçə gün bundan qabaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində  keçirilən bir beynəlxalq tədbirdə iştirakım zamanı onların gördüyü işlərlə tanış olduqdan sonra məndə belə bir ideya yarandı ki, Hesablama Palatasının məhz Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bilgisayar texnologiyası əsasında əldə etdiyi məlumatlar bankından istifadə edərək  koordinasiya işlərini genişləndirməsi ona Azərbaycan üzrə korrupsiyaya qarşı mübarizə proqramında daha fəal iştirak etməyə imkan verər.
Hesablama Palatası son 5 ildə 100-ə qədər, o cümlədən 2013-cü ildə 14 təklif işləyib hazırlayıb. Bu, hüquqi normativ aktların təkmilləşdirilməsi sahəsində mühüm əhəmiyyət kəsb edir, çünki palata 100 mühüm sahəni araşdırandan sonra, həqiqətən, səriştəli təkliflər irəli sürüb. Mən təklif edirəm ki, həmin 100 təklifin nə səviyyədə həyata keçirilməsinin monitorinqi keçirilsin və onun nəticələri Milli Məclisdə səsləndirilsin. Bu həm qanun-vericiliyimizin professional surətdə təkmilləşdirilməsində,  həm də aşkar edilmiş bir sıra ciddi nöqsanların  aradan qaldırılmasının sürətləndirilməsində mühüm rol oynaya bilər.
Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında hesabatını müsbət qiymətləndirirəm və ona səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Mən bu hesabatın “Palatanın büdcə prosesinin təkmilləşdirilməsi ilə bağlı fəaliyyəti” bölümündə oxudum ki, 2013-cü ildə Hesablama Palatası tərəfindən Nazirlər Kabinetinə 16 təklif verilibdir. Təbii, bunlar dəyərli təkliflərdir.
İndi Hesablama Palatasının rəhbəri dedi ki, burada millət vəkillərinin də təklifləri nəzərə alınmışdır. Biz bu parlamentdə çıxış edib Milli Məclisin ehtiyat fondunun yaradılması məsələsini qaldırmışdıq. Bir başqa formada başqa deputatlar da bu məsələyə toxunmuşdular. Elə həmin bölümdə göstərilir ki,   beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün 44 milyon manat vəsait ayrılmışdır. Xaricdən ölkəmizə gələn nümayəndə heyətlərinin tərkibinə baxsaq görərik ki, ən böyük tərkibdə gələnlər Milli Məclisin qonaqları olublar, müəyyən yerlərə gediblər. Ən ciddi məsələləri Milli Məclis qaldırıbdır.
Biz burada məsələ qaldırdıq ki, bu işləri Milli Məclisin vəsaiti ilə  görmək mümkün deyil. Bu vəsaitlə Milli Məclis öz potensialının, mən deyərdim ki, heç 10 faizindən belə istifadə edə bilmir. Bəlkə bu mənim subyektiv fikrimdir, amma hər halda bu belədir.
Mən özüm bir neçə parlamentlərarası dostluq qrupunun  tərkibindəyəm. Görürəm ki, nə qonaqları dəvət etmək, nə bəzi səfərlərə getmək, nə  də konfranslar keçirmək imkanı olur. Əlbəttə, Milli Məclis imkan daxilində bunların hamısını etməyə çalışır. Amma Milli Məclisin ehtiyat fondunun yaradılması çox mühüm məsələlərdən biridir. Milli Məclis bütün strukturlarla işləyir. Hesablama Palatası da daxil olmaqla bütün icra orqanlarında onların istədikləri hər bir şərait yaradılır. Burada  deputatlar təvazökarlıq edirlər.
Mən Bakıdan, bir dairədən seçilmiş deputatam. Rayonlarda işləmək lazımdır. Bu gün Azərbaycanda hər tərəfdən üzərimizə düşüblər. Din pərdəsi altında üzərimizə düşüblər, bizə qonşu olan və bizi sevməyən dövlətlər üzərimizə düşüblər. Müəyyən işlər görürlər. Deputatlar cəmiyyətlə hakimiyyət orqanları arasında ən ciddi körpüdür. Onlara şərait yaratmaq lazımdır ki, yerlərə getsinlər, rayonlara getsinlər, insanlarla görüşsünlər. Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəridir, yerlərə gedir. Axı bizim də getməyimiz lazımdır. Millət vəkilləri adi avtomobillə belə təmin olunmayıblar. İcra aparatında şöbə müdirlərinə avtomobillər verilir.  Bəzən bunu deputatlar demirlər. Kimin əgər başqa iş yerində xidməti avtomobili varsa və buna görə ona ehtiyacı yoxdursa, imtina edə bilər. Amma Milli Məclis  təmin olunmalıdır.
Mən bir daha məsələ qaldırıram, xahiş edirəm ki, bu məsələ Nazirlər Kabineti tərəfindən nəzərə alınsın. Hesablama Palatası bu məsələni 17-ci təklif kimi irəli sürsün ki, Milli Məclisin özünün ehtiyat fondu yaradılsın. Bu çox mühüm məsələdir.
İkinci məsələ. Mən parlamentdə bir dəfə çıxış etdim və 98 markalı benzinin qiymətinin Azərbaycanda sərbəst buraxılması ilə bağlı fikir bildirdim. Bildirdim ki, bu qiymətin sərbəst buraxılması normal hal deyil və qanunvericiliyə birbaşa ziddir. Çünki bizim qanunvericiliyə görə kimin istehsal etməsindən asılı olmayaraq Azərbaycan ərazisində satılan yanacağın qiymətini dövlət tənzimləyir. Mülkiyyət formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən bütün hüquqi və fiziki  şəxslər qanunvericiliklə qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullara   həmin qiymətləri tətbiq edirlər.
Bu qanundan çıxış edərək Nazirlər Kabineti 2005-ci ildə  qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısını tərtib edibdir. O siyahıda 39 adda  mal və o cümlədən neft məhsulları da var. Harada istehsal olunmasından asılı olmayaraq neft məhsullarının qiyməti tənzimlənməlidir. Buna əməl olunmur. Bu azmış kimi son zamanlar 95 markalı benzinin də  qiyməti Tarif Şurasında baxılmadan qaldırılıb. Mən hesab edirəm ki, Hesablama Palatası bu məsələyə də münasibət bildirməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən  Hesablama Palatasının hesabatını diqqətlə oxudum. Çox dərindən işlənmiş geniş bir hesabat hazırlanıb. Hesablama Palatasının işini, təbii ki, yüksək qiymətləndiririk. İnanırıq ki, bu hesabatda əksini tapan bəzi məsələlər öz həllini də tapacaq. Çünki hesabatda Hesablama Palatasının araşdırmaları nəticəsində üzə çıxan bəzi məsələlər ətrafında, təəssüf ki, ciddi narahatlıq doğuran məqamlar da var və onların öz həllini tapması çox vacibdir.
Hesablama Palatasının hesabatında bir cümlə ilə qeyd olunur ki,  Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramının həyata keçirilməsi üzrə 2007–2010-cu illər üçün nəzərdə tutulan vəsait icra edilməmişdir. Belə çıxır ki, bu proqramın həyata keçirilməsində çox ciddi problemlər də var. Halbuki bu bizim ən önəmli proqramlarımızdan biridir və məktəbəqədər təhsil çox geniş şəkildə inkişaf etdirilməlidir. Cənab Prezidentin də bununla bağlı xüsusi göstəriş və tapşırıqları var. Bu vəsait büdcədə olduğu halda niyə icra edilməyib? Bu çox maraqlı məsələlərdən biridir.
Digər bir məsələ Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzindəki yoxlamalarla bağlıdır. Çünki burada bir neçə proqramla bağlı narahat edən məsələlər var. Bu proqramlardan biri şəkərli diabet üzrə proqramdır. Şəkərli diabet üzrə proqramlar bizim hamımızı çox ciddi şəkildə maraqlandıran proqramlardır. Nə qədər insanlarımız bundan əziyyət çəkir.
2013-cü ildə mərkəzləşdirilmiş xərclərdən alınmış qlükometrlərin şəkərli diabet xəstələrinə paylanması təmin edilməmiş və audit dövrünün sonuna qədər mərkəzin anbarında saxlanılmışdır. Bu çox ciddi məsələdir. Bu niyə paylanılmır? Şəkərli diabet xəstələrinin buna çox ehtiyacı var. Bu qlükometrlərin ilin sonunadək, – artıq 2014-cü ildəyik, – paylanmamasının  səbəbi nədir? Bu qüsurlar çox ciddi şəkildə aradan qaldırılmalıdır.
“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunu burada qəbul etmişdik. O çox ciddi müzakirə də olunmuşdu. Dövlət proqramı çərçivəsində alınmış dərman preparatlarının müəyyən hissəsi xəstələrin qeydiyyatda olduğu Mirqasımov adına Respublika Klinik Xəstəxanasına verilmiş, çox hissəsi isə istifadə müddətinin bitməsinə az vaxt qalsa da, mərkəzin anbarında saxlanılmışdır.  Bu dərman preparatları xəstələrə niyə paylanmayıb? Ehtiyac yox idisə, niyə bu qədər preparat alınırdı? Əgər ehtiyacı olan insanların sayı məlumdursa, bu dərman preparatları niyə paylanmayıb?
Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər planında nəzərdə tutulmuş xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrinin və məlumat bazasının yaradılması təmin edilməmiş, xəstələr üçün alınmış dərman preparatlarının mərkəzin anbarında saxlanılması onların istifadə müddətinin azalmasına səbəb olmuş, bəzi dərman preparatlarının 80 faizinin yararlılıq müddətində təhvil verilməsi barədə tender müqavilələrinin tələbləri gözlənilməmişdir. Bunlar çox ciddi nöqsanlardır.
Vərəmlə mübarizə üzrə tədbirlər proqramı çərçivəsində alınmış dərman preparatlarının müəyyən hissəsi bazanın anbarında qalmış, “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramı” üzrə vaksinlər və tibbi təyinatlı vasitələrdən 2010–2013-cü illərdə alınmış dərman preparatları, 2013-cü ildə isə alınmış vaksin istifadə olunmamış, bazanın anbarında saxlanılmışdır.
Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair dövlət proqramının icrası üçün alınmış tibbi təyinatlı vasitələrin, eləcə də tibbi avadanlıqların il ərzində proqramın icrasını həyata keçirən müəssisələrə vaxtında paylanması təmin edilməmiş, proqram üzrə 2008–2013-cü illərdə alınmış dərman preparatları, tibbi təyinatlı vasitələr və tibbi avadanlıqlar anbarda saxlanılaraq səmərəli istifadə olunmamışdır.
Hemofiliya və talassemiya xəstələrinin registri yaradılmamış,  müalicə vasitələrinə olan tələbat təmin edilməmiş, onların xəstələrə çatdırılma mexanizmi hazırlanmamış, hemofiliya üzrə molekulyar-genetik müayinələrin aparılması üçün tibbi-genetik laboratoriyalar yaradılmamış, talassemiya prenatal diaqnostika metodlarını tətbiq etmək məqsədi ilə müvafiq laboratoriyalar təşkil edilməmişdir. Bunların hamısına vəsait ayrılmışsa problem nədədir? Bunlar, yəqin ki, çox ciddi şəkildə araşdırılacaq. Bu məsələlərin öz həllini tapması lazımdır.
Yaşıllaşdırma ilə bağlı bir məsələni qeyd etmək istərdim. Bu da çox ciddi məsələdir. Yaşıllıq sahələrinin, habelə çoxillik əkmələrin inventarizasiyası aparılmamış...
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, mən belə baxıram, hesabatla bağlı yekdil fikir var. Yəni çıxış edənlərin hamısı hesabatı bəyənir. İlyas müəllim, təkid etmirsinizsə... Təkid edirsinizsə, Sizə söz verim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təkid edən yoxdursa, mən xahiş edirəm, münasibət bildirək. Çox normal bir hesabatdır, sədr də normal çıxış etdi. Ona görə xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
 
Qəbul edildi, sağ olun.
Hörmətli Vüqar müəllim, hörmətli palata üzvləri, təbrik edirik və sizə uğurlar arzulayırıq. Sağ olun.
İkinci məsələ “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Komitə sədri Əli Hüseynli. Buyurun, Əli müəllim.
 
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim.  Hörmətli millət vəkilləri, xatırlayırsınızsa, biz 2013-cü ildə İnzibati Xətalar Məcəlləsinə bir əlavə etdik. Bu əlavə sürücülər tərəfindən nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması, yəni mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaricetmə sisteminə normativ tələblər pozulmaqla digər avadanlıqların quraşdırılmasına görə məsuliyyət  barədə idi. Belə əmələ görə 500 manat miqdarında cərimə  müəyyənləşdirildi. Bu müddəa, təbii ki, “Yol hərəkəti haqqında” Qanunda da öz əksini tapmalıdır. Beləliklə, İnzibati Xətalar Məcəlləsində mövcud olan müddəa qanunvericiliyin tənzimlənməsi məqsədi ilə həm də “Yol hərəkəti haqqında” Qanunda öz əksini tapmalıdır. Yəni bu əlavənin mahiyyəti bundan ibarətdir. Faktiki olaraq belə bir hal inzibati xətadır, inzibati qanunvericiliklə də təqib olunur. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Fuad müəllim, buyurun.
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, əslində, “Yol hərəkəti haqqında” Qanunda bizim iki dəyişikliyimiz olacaq. Ona görə mən hər ikisinə münasibətimi bildirmək istəyirəm ki, vaxta qənaət edim.
Sədrlik edən. Növbəti məsələ müzakirə olunanda fikrinizi bildirərsiniz, Fuad müəllim. Yaxşı, əgər başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, bu qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 83
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Ziyafət müəllim, icazə versəydiniz, mən bir məktubla daxil olmuş və prinsipcə  oxşar məsələlərə aid  dörd layihə barədə eyni vaxtda məruzə edərdim.
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hər birinin mahiyyəti ilə bağlı sizə qısa məlumat verəcəyəm.
Birinci, qeyd etdiyiniz kimi, Cinayət-Prosessual Məcəlləsində  dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Konkret olaraq mahiyyəti. Cinayət-Prosessual Məcəlləsinin 148-ci maddəsinə əsasən şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz. Bu müddəti biz müəyyənləşdirmişik. Bu müddətdə şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə işə təxirə salınmadan baxmalı və onun haqqında həbs qətimkan tədbirinin seçilməsi və ya onun azadlığa buraxılması haqqında qərar çıxarmalıdır. Amma təcrübə göstərir ki, qanunla qəbul edilmiş bu müddət tutulmuş şəxs haqqında bütün zəruri prosessual tədbirlərin görülməsi, onun real olaraq müdafiəçi, tərcüməçi ilə təmin olunması, vəsatətlərinin həlli, ifadəsinin alınması, istintaq  hərəkətləri ilə bağlı protokollarla tanış edilməsi üçün yetərli deyil.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, bir çox inkişaf etmiş ölkələrin təcrübəsində həbs olunanadək tutma müddəti kifayət qədər genişdir. Misal üçün, Danimarkada, Norveçdə bu, üç gündür, İtaliyada dörd, İspaniyada beş, Fransada hətta altı gündür.  Bax bu cür müvafiq prosessual icbari tədbirlərin real olaraq həyata keçirilməsi üçün və həm şübhəli şəxs haqqında daha mötəbər sübutların əldə edilməsi, həm də irəli sürülən ittihamın obyektivliyinin tam təmin olunması məqsədi ilə bu müddətin 96 saata qədər artırılması təklif olunur.
Təxminən oxşar bir məsələ 4-cü məsələdir. Bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdir. Təklif olunan dəyişikliyə görə bu Məcəllənin 38, 68, 69, 298 və 310-cu maddələrində göstərilən xətaları törətmiş şəxs inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər.
5-ci məsələ “Yol hərəkəti haqqında” Qanuna edilən əlavədir. Həmkarımız Fuad Muradov da, yəqin, bu məsələyə toxunmaq istəyirdi.
Hörmətli millət vəkilləri, bu layihədə “Yol hərəkəti haqqında” Qanuna aşağıdakı redaksiyada çox əhəmiyyətli, çox mütərəqqi bir əlavə təklif olunur: “Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radiocihaz vasitəsilə məlumat verməklə təqib oluna bilər. Həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər”.
Qeyd etmək istəyirəm ki, mövcud variantda da bir sıra məsələlər tənzimlənirdi. Amma bizim qanunvericilikdə, misal üçün, cinayət haqqında məlumatın olması ilə bağlı müddəa yox idi. Son dövrlər daxili işlər orqanlarında həyata keçirilmiş islahatlar, o cümlədən informasiyakom-munikasiya texnologiyalarının tətbiqi belə bir məlumatın olmasına imkan verir. Yəni şəxsin cinayət törətməsi ilə bağlı məlumatı onlar artıq təqibdən əvvəl müəyyənləşdirə bilirlər. Təbii ki, belə bir məlumat varsa və bu, insan həyatına və sağlamlığına real təhlükə yaradırsa, onda sürücünün “saxla” işarəsinə tabe olmadığı halda nəqliyyat vasitəsinin təqib olunması mümkündür. Bilirsiniz ki, bu, dünya təcrübəsində də mövcuddur.
Mən inanıram ki, bizim hörmətli millət vəkilləri bu dəyişikliyi  dəstəkləyəcək və bununla da bəzi sürücülər tərəfindən yol hərəkəti qaydalarının kobud surətdə pozulması hallarının qarşısının alınmasına öz  töhfələrini vermiş olacaqlar.
Nəhayət, 6-cı məsələ, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna edilən dəyişiklik. Qeyd etməliyəm ki, 2012-ci ildə bizim çağırış Milli Məclis tərəfindən hazırlanıb qəbul olunmuş bu qanun insan hüquqlarının müdafiəsi sahəsində, o cümlədən həbs edilmiş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı ən mütərəqqi standartlara cavab verə bilən bir qanundur. Biz onu ATƏT-in Bakı ofisi ilə birgə hazırlamışdıq.
Ziyafət müəllim, xatırlayırsınızsa, parlamentdə bunu geniş müzakirə elədik. Qeyd etməliyəm ki, biz müzakirə zamanı da həmin qanuna bir çox mütərəqqi normaları qeyd etdik. Amma hələlik o qanunun işləməsi praktikası mövcud deyil. Qanunun tətbiqi ilə məşğul olan orqanlarla belə bir razılaşmamız olmuşdur ki, bu qanunun tətbiqindən sonra yarana bilən hansısa məsələləri yenidən müzakirə edə bilərik.
8.1-ci maddənin mövcud variantında deyilir ki, həbs olunmuş şəxs məhkəmənin əsaslandırılmış qərarı ilə bir ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilə bilər və həbs edilmiş şəxsin vəsatəti əsasında həmin müddət məhkəmənin əsaslandırılmış qərarı ilə məhkəmə icraatının sonunadək  uzadıla bilər. Bu mövcud normadır.
Amma həbs edilmiş şəxslər barəsində cinayət təqibi çərçivəsində prosessual hərəkətlərin, o cümlədən qanunla müəyyən edilmiş əməliyyat-təhqiqat tədbirlərinin istintaq təcridxanasında operativ həyata keçirilməsi ilə bağlı müəyyən problemlər yaranır. Bir sıra ölkələrdə, misal üçün, ABŞ-da, Böyük Britaniyada, İtaliyada, Almaniyada istintaq təcridxanaları polis strukturlarında fəaliyyət göstərdiyindən onlar üçün ciddi problemlər yaşanmır. Azərbaycanda isə bilirsiniz ki, istintaq təcridxanaları Ədliyyə Nazirliyinin tabeliyindədir. Bizdə ibtidai istintaqı aparan orqanlar mövcuddur və saxlama yerləri onların tabeliyində deyil.
Bu göstərilənlər baxımından 8.1-ci maddədə dəyişiklik edilir və burada  göstərilir ki, həbs edilmiş şəxs ibtidai istintaqa nəzarət edən  prokurorun əsaslandırılmış qərarı ilə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilə bilər. Fikrimcə, bu barədə müddəanın bu qanunda öz əksini tapması məqbul olardı. Hesab edirəm ki, bu, insan hüquqları baxımından da heç bir pozuntu yaratmayacaqdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihələrinin müzakirəsinə başlayırıq. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, media nümayəndələri! Mən hörmətli Əli müəllimin bu gün məruzə elədiyi bütün məsələlərlə həmrəyəm və hesab edirəm ki, bu dəyişikliklər çox müsbətdir. Yalnız Cinayət-Prosessual Məcəlləsinin 148-ci maddəsinə əlavə edilən 148.7-ci maddədə nəzərdə tutulmuş 169-cu maddə ilə bağlı iradımı bildirmək istərdim. Burada Cinayət Məcəlləsinin “İnsan və vətəndaşın Konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər” fəslinin “Toplantıları keçirmə qaydasını pozma” adlı 169-cu maddəsindən söhbət gedir. 
Əvvəla, mən hörmətli millət vəkillərinin, elə bizim komitənin sədri Əli müəllimin də diqqətinə çatdırmaq istəyirəm ki, əslində, toplantıların keçirilməsi elə insan və vətəndaşın konstitusion hüququdur. Yəni onun azadlığı əleyhinə olan cinayətlər fəslinə belə bir maddənin salınmasını mən doğru hesab etmirəm və düşünürəm ki, bu maddə Cinayət Məcəlləsindən, ümumiyyətlə, çıxarılmalıdır. Toplantının keçirilməsi qaydasını pozan şəxslərə tətbiq olunan cəza tədbirləri İnzibati Xətalar Məcəlləsində var. Bu şəxslər cərimələnə və dediyim kimi, inzibati həbs qaydasında cəzalandırıla bilərlər. Buna görə cinayət məsuliyyətinin nəzərdə tutulması absurddur, doğru deyil.
148.7-ci maddədə deyilir ki, əgər tutulmuş şəxsə 2 gün müddətində  ittiham elan oluna bilmirsə, yəni bu şəxs məhkəməyə çıxarıla bilmirsə, göstərilən müddət daha 2 gün uzadıla bilər. Sözsüz ki, prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə.
Amma 169-cu maddə alternativ sanksiyalı normadır. Burada cərimə də, 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə də nəzərdə tutulub. Digər cinayətlər ağır cinayətlərdir. Məsələn, qəsdən adam öldürmədir, terrorçuluqdur, adamları girov götürmədir, banditizimdir, dəniz quldurluğudur və sair. Bunları başa düşmək olar. Amma 169-cu maddənin bura salınmasını mən şəxsən başa düşə bilmirəm.
Yaxşı, deyək ki, toplantının keçirilməsi qaydasını pozan şəxsi tutub   4 gün saxladıq, 4 gündən sonra məhkəmə bəlkə buna cərimə təyin edəcək. Ümumiyyətlə, prokurorluq orqanlarına da,  digər istintaq orqanlarına da, məhkəmələrə də bu tövsiyə olunmalı, lazımdırsa, qanunvericilik qaydasında da öz əksini tapmalıdır ki, alternativ sanksiyalar, normalarla bağlı, ümumiyyətlə, ibtidai istintaq dövründə həbs qətimkan tədbiri seçilməsin. Ona görə də mən deyirəm ki, bu çıxarılmalıdır.
169-cu maddə həm də ona görə çıxarılmalıdır ki, onun 2-ci hissəsində toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah,  yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirməyə görə məsuliyyətlə bağlı norma təkrardan başqa bir şey deyildir. Mən xüsusilə cinayət hüququ üzrə mütəxəssis kimi Əli müəllimə müraciət edirəm. Onsuz da bizim Cinayət Məcəlləsinin 25-ci fəslində, yəni “İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər” fəslində bununla bağlı ayrıca maddə – 228-ci maddə var. 228-ci maddədə qanunsuz olaraq odlu silah, soyuq silah, partlayıcı maddələr və sair saxlamağa görə məsuliyyət nəzərdə tutulur. Yəni bu bir daha təsdiq eləyir ki, bizim Cinayət Məcəlləsində, ümumiyyətlə, bir norma kimi əlavə olaraq  169-cu maddənin nəzərdə tutulmasına ehtiyac yoxdur.
Bu həm də bizim əleyhimizə olan və Azərbaycanı tənqid eləmək üçün bəhanə axtaran bəzi beynəlxalq qurumlara da, bizim digər bədxahlarımıza da imkan verir ki, Azərbaycanı nahaq yerə, bəzən əsassız olaraq tənqid eləsinlər. Ona görə mən bu 169-cu maddənin bura salınmasının əleyhinəyəm və təklif edirəm ki, toplantıların keçirilməsi qaydasını pozmağa görə məsuliyyət nəzərdə tutan bu maddə həm Cinayət-Prosessual Məcəlləsinin 148.7-ci maddəsində qeyd edilməsin, həm də ümumiyyətlə, Cinayət Məcəlləsindən çıxarılsın.
Sonda bir daha vurğulayıram ki, bu, konstitusion hüquqların pozulması əleyhinə olan cinayət deyil və əslində, konstitusion hüquqdan istifadə dedikdə kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulur. 
Sədrlik edən.  Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də bu layihədə olan müsbət müddəaları dəstəkləyirəm. Amma bir neçə məqama, xüsusilə də tutulmuş şəxsin istintaq təcridxanasında saxlanılması müddətinin 48 saatadək uzadılması məsələsinə münasibət bildirmək istəyirəm. Cinayət Məcəlləsində bunun uzadılmasının müəyyən dərəcədə əsaslandırılması mümkündür. Amma mən, açığı, anlaya bilmirəm ki, İnzibati Xətalar Məcəlləsində bu 48 saata nə ehtiyac var.
Əvvəllər müstəntiqlər yazını primitiv üsulla makinada çox böyük bir əziyyətlə yazır, yaxud adi bir informasiya almaqda çətinlik çəkirdilər. Çünki bilgisayar yox idi, başqa vasitələr yox idi. Ona görə bunu həyata keçirmək xeyli çətin olurdu. Bu gün texnologiya inkişaf elədikcə biz çalışmalıyıq ki, vaxtın qısaldılmasına daha çox nail olaq. Vətəndaşı istintaq təcridxanasında 2 gün saxlamaq da az deyil. Vətəndaşın bütün həyat tərzi, iş prosesi pozulur. Ona görə də, məncə, Cinayət Məcəlləsində bu müddətin uzadılması nəzərdə tutulsa da, İnzibati Xətalar Məcəlləsində buna ehtiyac yoxdur. Tutulan şəxslə bağlı məsələləri qısa müddətdə müəyyən eləməyə nə mane olur ki? Yəni lazım gələrsə, istintaqa əlavə  müstəntiqlər cəlb oluna, əlavə araşdırmalar aparıla bilər. Ona görə, məncə, vətəndaşın hüququ pozulmasın deyə, onun elə 24 saat müddətində saxlanması daha məqsədəuyğundur.
“Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində göstərilir ki, nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda və sair hallarda nəqliyyat vasitəsi təqib edilə bilər. Bunlar məqbul variantlardır. Həqiqətən də, ekstremal vəziyyətdə cinayətkarın yaxalanması üçün zəruri tədbirlər görülməlidir. Amma buraya belə bir müddəa da salınıb ki, nəqliyyat vasitəsi yuxarı vəzifəli şəxsə radiocihaz vasitəsilə məlumat verməklə təqib edilə bilər. Yaxşı, bu sui-istifadə hallarından kim sığortalanıb? Necə sübut olunacaq ki, radiocihaz vasitəsilə məlumat verilibdir? Hansısa bir vətəndaşı qeyri-qanuni şəkildə təqib eləyən polis işçisi ilə bağlı hansısa bir araşdırma zamanı yuxarı rəhbərlik heç vaxt deməyəcək ki, mənə məlumat verilməyib. Bunun sübutu necə olacaq? Ona görə bu məsələdə, məncə, sui-istifadə hallarının qarşısının alınması barədə də düşünmək lazımdır.
Digər halları anladıq, yəni qərar var, cinayətkardır, şübhəli bilinir, dəqiq məlumat var və o dəqiq məlumat da, təbii ki, əsaslandırılmış  məlumatdır. Amma vəzifəli şəxsə radiocihaz vasitəsilə məlumat verməklə təqib eləməyin bir əsaslandırılması, bir sənədi olmalıdır. Vətəndaş sabah şikayət eləyəndə bu hərəkəti törətmiş şəxsin yalanını ortaya çıxara bilmə imkanı əldə etməlidir. O baxımdan bu müddəaya da, məncə, diqqət yetirilməsi vacibdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Mən də adı çəkilən qanunlara edilən dəyişikliklərlə bağlı fikrimi bildirmək istəyirəm. Əvvəlcə Cinayət-Prosessual Məcəlləsinə əlavə olunan 148.6 və 148.7-ci maddələrlə bağlı. Bilirsiniz ki, əvvəllər mən vəkil də işləmişəm, digər hüquq mühafizə orqanlarında da çalışmışam. Ona görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya toplanmış materialların həcminin böyüklüyü ilə əlaqədar olaraq istintaq hərəkətlərinin göstərilən müddətdə həyata keçirilməsinin nə qədər çətin olduğunu yaxşı bilirəm. Bu gün elə Daxili İşlər Nazirliyinin müstəntiqlərinin icraatında ən azı 18-20-yə yaxın iş olur. Bu qədər ağır iş yükünün altında obyektiv araşdırma və işin məhkəməyə çıxarılması prosesi o qədər çətin olur ki, bəzən hansısa sənədlər tələm-tələsik hazırlanıb verilir və sonra məhkəmədə bu başqa cür qiymətləndirilir. Ona görə mənə elə gəlir ki, biz burada istintaq müddətinin uzadılmasının mənfi tərəflərini yox, əslində, işin daha dolğun, daha obyektiv aparılması üçün istintaqı aparan orqanlara verilən imkanı qeyd etməliyik.
Amma bunun başqa bir tərəfi də var. İnsanların hüquq və azadlıqlarından danışırıqsa, onu da qeyd etməliyik ki, təqsirləndirilən şəxslər üçün bəzən bu qısa müddətdə nə tərcüməçi,  nə  də vəkil tapmaq mümkün olurdu. İndi təsəvvür edin ki, tutulmuş şəxsin təcridxanada saxlandığı müddət şənbə, bazar günlərinə düşüb, vəkil də tapmaq olmur. Növbətçi vəkillər olur və bəzən şəxsin iradəsinə zidd dövlət tərəfindən təyin olunan hansısa bir vəkil verilir. Bu müddətin uzadılması bir tərəfdən də təqsirləndirilən şəxslər üçün faydalı olacaq. Təqsirləndirilən şəxs indi istədiyi vəkillə müqavilə bağlamaq imkanı əldə edəcək və bu prosesdə onun hüququ kifayət qədər normal təmin olunacaq.
Bir məqamı da qeyd etmək istəyirəm. Təbii ki, burada Cinayət Məcəlləsindəki bütün maddələrdən söhbət getmir. Düzdür, indi burada deputat həmkarım 169-cu maddə ilə bağlı iradını bildirdi. Əslində, bu müddətin artırılması ağır və xüsusilə ağır cinayətlərə şamil olunur. Burada daha geniş, daha böyük iş həcmi olur, işin mürəkkəbliyi olur və bunu nəzərə alaraq biz tutulmuş şəxsin təcridxanada saxlanması müddətini artırırıq. Amma söhbət 169-cu maddədən, yəni toplantıların keçirilməsi qaydasının pozulmasından gedirsə, bu maddə ilə bağlı bəzən 20–30 nəfər saxlanılır və bunun da sənədləşdirilməsi müəyyən qədər vaxt tələb etdiyinə görə həmin müddətin 24 saatdan 48 saatadək uzadılması məqsədəuyğundur.
İnzibati Xətalar Məcəlləsində edilən dəyişiklik, yəni inzibati qaydada tutulma müddətinin bəzi hallarda 24 saatdan 48 saatadək artırılması elə bayaq qeyd elədiyim məsələ ilə eynilik təşkil edir.
Artıq neçə gündür, mətbuatda “Yol hərəkəti haqqında” Qanunun 85.2-ci maddəsinə edilən əlavə və dəyişikliklərlə bağlı müzakirələr gedir. Bu barədə komitədə rəsmi iclasda da, qeyri-rəsmi də komitə üzvləri arasında bir fikir mübadiləsi apardıq. Bu, beynəlxalq təcrübəyə tam uyğundur. İnsan həyatını təhlükə altına qoyaraq avtomobili idarə edən və ya cinayət törətməsi şübhəli olan sürücünü saxlamağa cəhd edən polisi biz tənqid edirik. Amma indi beynəlxalq standartlara uyğun olaraq Dövlət Yol Polisinin əməkdaşlarına hüquq veriləcək ki, başqasının həyatını, əmlakını təhlükədə qoyan bu cür avtomobillərin saxlanılması üçün yuxarı rəhbərliyə radiocihaz vasitəsilə məlumat verməklə təqibi həyata keçirib qanuna uyğun formada onların dayandırılması üçün addımlar atsınlar.
Son olaraq “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Yadınızdadırsa, o vaxt elə komitənin rəhbərliyinin təşəbbüsü ilə bunu parlamentə mən təqdim etmişdim. Burada da belə hesab edirəm ki, narahatlıq doğuran heç bir şey yoxdur. Yəni təqsirləndirilən şəxsin ayda bir dəfə 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və istintaq təcridxanasına qaytarılması onsuz da məhkəmənin qərarı ilə həyata keçirilir. Amma bəzən  sübutların toplanması üçün operativ hərəkət etməyə ehtiyac olur. Bu halda, təbii ki, prokurorun da qərarı ilə bu məsələnin rəsmiləşdirilməsi normal və məntiqə uyğundur.
Mən belə hesab edirəm ki, bütün bu əlavə və dəyişikliklər bizim hüquq mühafizə orqanlarında işin daha obyektiv, daha ədalətli aparılmasına xidmət edəcək. Ona görə həmkarlarımı da bu dəyişikliklərə səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Beləliklə, biz Milli Məclisə bir paketdə daxil olmuş qanun layihələrinin, demək olar ki, hamısını müzakirə etdik. İndi  xahiş edirəm, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 93
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Buyurun, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – Dəniz limanları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş). İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verəcək. Buyurun, Ziyad müəllim. 
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri!  Dəniz limanları haqqında qanun layihəsinin birinci oxunuşunda millət vəkilləri tərəfindən deyilən təkliflər həmin oxunuşdan sonra ötən müddət ərzində bir daha qiymətləndirilmiş və onların əksər hissəsi nəzərə alınmışdır. Layihə dilüslub baxımından təkmilləşdirilmiş və hüquqi ekspertizası keçirilərək bir neçə maddəsi mahiyyət etibarilə dəyişdirilmişdir. Bir sıra anlayışlar sizə verilən sənəddən göründüyü kimi, daha da dəqiqləşdirilmişdir.
6-cı və 7-ci maddələrdə göstərilən müddətlər konkretləşdirilmiş, “10 gün müddətində” sözləri millət vəkillərinin təklifi ilə “5 iş günü müddətində” sözləri ilə əvəz edilmiş, 15-ci, 26-cı, 27-ci maddələrdə mahiyyət etibarilə dəyişikliklər edilmişdir. Bütün bu dəyişikliklər Prezident Administrasiyası ilə razılaşdırılmışdır.
Millət vəkillərindən xahiş edərdim, nəzərə alsınlar ki, 28.3-cü maddədə birinci cümlə belə yazılmalıdır: “Limanın dövlət mülkiyyətində olan obyektinin icarə müddəti icarəçi tərəfindən daha qısa müddət müəyyən edilməzsə 49 ildir”. 28.6-cı maddə isə belə redaksiyada verilmişdir: “İcarəçi icarəyə verənin razılığı ilə liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektini subicarəyə verə bilər”. Yəni bu maddə Prezident Administrasiyasından daxil olduğu şəkildə qalır.
Bütövlükdə demək istərdim ki, biz, İqtisadi siyasət komitəsinin üzvləri Azərbaycan Respublikasının Dəniz Administrasiyasında olduq.  Çox gözəl iş şəraitinin yaradıldığı bu məkanda bir daha əmin olduq ki, Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyev ölkədə nəqliyyat sektorunun kompleks inkişafı ilə əlaqədar olaraq irimiqyaslı tədbirlər həyata keçirir. Burada Azərbaycan gəmiçiliyinin fəaliyyətinin beynəlxalq standartlar səviyyəsinə qaldırılması istiqamətində böyük işlər görülür.
Mən hesab edirəm ki, millət vəkilləri bu qanun layihəsinə səs verməklə bütövlükdə Azərbaycan dənizçiliyinin qanunvericilik təminatını xeyli yaxşılaşdıracaq, bu isə Azərbaycanda nəqliyyat sisteminin kompleks inkişafına, Azərbaycanın inteqrasiya əlaqələrinin möhkəmlənməsinə kömək edəcəkdir. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Hörmətli deputatlar, qanun layihəsinin müzakirəsinə keçməzdən əvvəl biz onu mövcud qaydaya görə ikinci oxunuşda əsas kimi qəbul etməliyik. Ona görə xahiş edirəm,  qanun layihəsinin əsas kimi qəbul edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Elmira Axundova.
E.Axundova. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Dəniz limanları haqqında qanun layihəsinin birinci oxunuşu zamanı qeyd etmişdim ki, bu qanun təqdirəlayiqdir və şübhəsiz ki, peşəkarlıqla hazırlanıb. Bununla belə, mən keçən dəfə bəzi təkliflərimi diqqətə çatdırmışdım. Birinci məsələ ondan ibarət idi ki, nə bu qanunda, nə də Ticarət Gəmiçiliyi Məcəlləsində “dəniz üzgüçülüyü” anlayışı açıqlanmır. Ona görə xahiş etmişdim ki, bu anlayış qanunun 3-cü maddəsində öz əksini tapsın. İkinci məsələ limanın bağlanması şərtlərinin konkret göstərilməməsi idi. Üçüncü məsələ limanlarda yüklərin boşaldılması zamanı qəza baş verdikdə yaranacaq hüquqi məsuliyyət problemi idi. Təəssüf ki, bu təkliflərdən heç biri nəzərə alınmayıb.
Keçən dəfəki təkliflərimə əlavə olaraq bir neçə məsələni qeyd etmək istərdim. 6.2-ci maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanmasını zəruri hesab etdikdə qərar qəbul edir. Qeyd edim ki, bu maddədə dəqiq göstərilən hallar var, yəni fövqəladə hadisə, qanunsuz müdaxilə aktı, gəmi qəzaları, insan həyatı və ya sağlamlığı üçün təhlükə və sair. Bunlar müvəqqəti bağlanmanı zəruri edən əsas hallardır. Ona görə də bu maddədə “zəruri hesab etdikdə” anlayışının istifadə olunmasını mən düzgün hesab etmirəm.
6.2 və 20.4-cü maddələrdə “dərhal müraciət edir”, “dərhal yazılı şəkildə məlumatlandırılmalıdır” kimi ifadələrdən istifadə edirsiniz. Hesab edirəm ki, “dərhal” sözünün yerinə konkret müddət göstərmək lazımdır, necə ki, siz başqa maddədə bunu konkret müddətlə əvəz elədiniz.
Birinci oxunuş zamanı mən layihənin mətnində bir neçə qrammatik səhv tapdım, amma danışmadım, dedim ki, onlar, yəqin, aradan qaldırılacaq. Düzdür, layihə çox səlis, yaxşı dildə yazılıb. Amma bir neçə orfoqrafik, qrammatik səhv də var. Məsələn, 7.3-cü maddədə: “limanın bağlanmasını barədə” yazılıb, halbuki “limanın bağlanması barədə” yazılmalıdır, 13.6.1-ci maddədə “üzgüçülüyün təh-lükəsizliyinə təhdid edən” sözləri yazılıb. Halbuki bu, “üzgüçülüyün təhlükəsizliyini təhdid edən” olmalıdır. Belə səhvlər var. Xahiş edirəm, belə orfoqrafik, qrammatik səhvləri də düzəldəsiniz. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Novruz Aslan.
N.Aslan. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Doğrudan da, bu qanunu oxuyarkən bir daha əmin olursan ki, çox mükəmməl hazırlanmış bir qanundur. Biz bunu elə birinci oxunuşda da qeyd etdik. Millət vəkillərinin çıxışlarını, eləcə də Ziyad müəllimin çıxışını nəzərə alaraq hesab edirəm ki, bu, üçüncü oxunuşa hazır olan bir qanundur. Ona görə mən bunun həm ikinci, həm də üçüncü oxunuşda qəbul edilməsi təklifini irəli sürürəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Başqa çıxış eləmək istəyən yoxdursa, qanun layihəsini səsə qoyaq. Bilirsiniz ki, qanun ikinci oxunuşda fəsil-fəsil səsə qoyulur. 7 fəsildir. Biz bunun üç fəslini bir səsə qoya bilərik, dörd fəslini bir. Etirazınız yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda birinci üç fəslə, yəni I, II, III fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
IV–VI fəsillərə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bütövlükdə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, deputat həmkarımız Novruz müəllim təklif verdi. Mən də elə hesab edirəm ki, ciddi iradlar olmadı. Qanun layihəsi çox mükəmməl hazırlanıb. Əgər etiraz yoxdursa, biz bu qanun layihəsini üçüncü oxunuşda da qəbul eləyək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanuna üçüncü oxunuşda da münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Bir məsələni də sizinlə məsləhətləşim. Hörmətli deputatlar, bizim bir qanun layihəmiz var, Yaşıllıqların mühafizəsi haqqında qanun layihəsidir. İndi artıq bizim fasilə vaxtımızdır. Amma fasilədən sonra əziyyət verib bir daha sizi bura yığmaq istəmirik. Eldar müəllim, bəlkə gələn iclasa saxlayaq, bunu yaxşı müzakirə edərik. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda sağ olun. İclasımız sona çatdı.


EDİLMƏMİŞ ÇIXIŞLARIN MƏTNLƏRİ

18 aprel 2014-cü il
____________________

Cavanşir Feyziyev. Dəniz limanları haqqında qanun layihəsi Azərbaycanın dəniz limanlarının hüquqi statusuna aydınlıq gətirir. Qanun layihəsi limanların açılması, bağlanması, cari fəaliyyətinin həyata keçirilməsi kimi zəruri məsələləri özündə əks etdirir və eləcə də dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsinin əsaslarını müəyyən edir. Azərbaycanın dəniz limanlarında ticarət gəmiçiliyində yaranan münasibətlərin tənzimlənməsi sahəsində hüquqi bazanın möhkəmləndirilməsi baxımından bu qanunu mahiyyət etibarilə Ticarət Gəmiçiliyi Məcəlləsinin (2001-ci il iyunun 22-də qəbul edilmişdir) məntiqi davamı kimi dəyərləndirmək olar.
Qanun layihəsində qanunun predmetinə aid məsələlər kifayət qədər yığcam və aydın şəkildə öz əksini tapmışdır. Bununla belə, layihənin bəzi bəndlərində ifadə tərzinin daha da təkmilləşdirilməsindən ötrü bir sıra məqamlara diqqət yetirilməsini və ziddiyyətli görünən bəzi məqamlara aydınlıq gətirilməsini vacib hesab edirəm.
Liman adətlərinə həsr olunmuş 2-ci maddənin praktiki cəhəti öz-özlüyündə aydın olsa da, onun 2.1 və 2.2-ci bəndləri arasında ziddiyyətli məqama diqqət yetirilməlidir. Belə ki, maddənin 2.1-ci bəndində liman adətləri limanda xidmətlərin göstərilməsi zamanı Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmayan davranış qaydaları kimi təsbit olunduğu halda, həmin maddənin növbəti bəndində liman adətlərinin Azərbaycan Respublikasının qanunlarına və normativ hüquqi aktlarına uyğun olması tələbi irəli sürülür. Məncə, əslində, beynəlxalq praktikadan yaxşı məlum olan liman adətləri məsələsi elə təsbit olunmalıdır ki, layihənin digər bəndləri ilə ziddiyyətli görünməsin.
7.2-ci maddədə göstərilib ki, limanın bağlanması haqqında qərar qəbul edildiyi gündən etibarən liman 1 ildən tez bağlana bilməz. Bağlanma müddəti kimi 1 ilə qədər zaman müəyyənləşdirilməsi kifayət qədər məntiqli görünür. Lakin bu qanunla limanın 1 ildən tez müddət ərzində bağlana bilməməsi şərti belə bir sual doğurur: Əgər hər hansı bir ekstremal şəraitdə, məsələn, müharibə şəraitində limanın qısa bir müddət ərzində bağlanması zərurəti yaranarsa, niyə qanun onu bağlamağa imkan verməsin? Belə halları nəzərə alaraq, məncə, “1 ildən tez bağlana bilməz” ifadəsini “1 il ərzində bağlana bilər” ifadəsi ilə əvəzləmək daha məqsədəuyğun olardı.
14.1.4-cü maddədə limanda inhisarçı fəaliyyətə və ya haqsız rəqabətə yol verilməməsi məsələsi qoyulur. Eyni zamanda, 15-ci maddənin 3-cü bəndinin ikinci abzasında təbii inhisar subyektlərinin fəaliyyətindən danışılır. Limanlarda inhisarçılıq və haqsız rəqabət spesifik cəhətlərə malik olduğundan bu məsələnin daha geniş şərhinə ehtiyac var.
15.3-cü maddədə deyilir ki, limanda göstərilən xidmətlərə görə tariflər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin maddənin ikinci bəndində isə deyilir ki, limanda göstərilən və təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aid olmayan xidmətlərə görə qiymətlər müqavilə əsasında müəyyən edilir. Limanın fəaliyyətində bir tərəfdən inzibati üsulla mərkəzləşdirilmiş qaydada və digər tərəfdən müqavilə əsasında qiymətqoyma kimi iki məsələnin mövcud beynəlxalq praktika əsasında uzlaşdırılması da məqsədəuyğun olardı.
Ümumiyyətlə, layihə kifayət qədər zəruri və faydalı bir sənəddir və mən onun ikinci oxunuşda qəbul olunmasına səs verəcəyəm.

İlyas İsmayılov. Ötən ildə keçirilən müzakirələr zamanı Hesablama Palatasının əsas fəaliyyət göstəricilərində müsbət dinamikanın müşahidə olunmasını qeyd etmişdim. Builki hesabat da göstərir ki, palata öz işini ildən-ilə fəallaşdırır, onun əhatə etdiyi sahələr çoxalır, keçirdiyi audit tədbirləri daha geniş xarakter alır, bu da öz növbəsində büdcə prosesinin təkmilləşdirilməsinə təkan verir. Beləliklə, palata “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən əsas funksiyalarını, demək olar ki, yerinə yetirir.
Bununla yanaşı, palatanın gələcək fəaliyyətində bəzi məsələlərə daha çox diqqət ayırmasını tövsiyə edərdim. 2011 və 2012-ci illərə dair hesabatlarda nöqsanların əsas hissəsi dövlət alışlarında, kommunal-mənzil sistemində normativlərin düzgün tətbiq edilməməsində və sair aşkarlanmışdır. Mən keçən il də qeyd etmişdim, bu il də vurğulamaq istəyirəm ki, göstərilən sahələrdə artıq idarəçilik islahatlarına, o cümlədən dövlət alışlarının tam şəffaf keçirilməsini təmin edən kommunal-mənzil sisteminin strukturu, onun kadr heyətinin düzgün formalaşması, işçilərin peşə hazırlığının artırılması sisteminə ciddi ehtiyac var.
Ötən il də çıxışımda qeyd etdiyim bir məqama – korrupsiyaya qarşı mübarizəyə yenə də toxunmaq istərdim. Palatanın ötənilki hesabatında bu məsələyə cəmi 2,5 səhifə ayrılmışdı və orada cəmi 2–3 xırda təşkilatın yoxlanılması haqda məlumat verilmişdi. Müzakirə etdiyimiz hesabatda bu bəndin həcmi 8 səhifəyədək artıb, bir neçə iri dövlət qurumu yoxlanılıb, amma yanaşma mahiyyətcə dəyişməyib – yenə də korrupsiyaya qarşı fəaliyyət dar çərçivədə aparılır, büdcədən maliyyələşən nəhəng infrastruktur layihələri üzərində ciddi nəzarət aparılmır.
Bir misal gətirim. Bəlkə də bu, qanun boşluğundan irəli gəlir, lakin Hesablama Palatası Satınalmalar üzrə Dövlət Agentliyinin fəaliyyətinə rəy bildirmir, halbuki dövlət orqanları tərəfindən alınan mal və ya xidmətlərin dəyəri 50 min manatdan yuxarı olduqda bu işi tenderlər vasitəsilə məhz Satınalmalar üzrə Dövlət Agentliyi təşkil edir.
İl ərzində milyardlarla manat həcmində satınalma məqsədli tenderlər həyata keçirilir. Düşünürəm ki, bu zaman xərclənən vəsaitlər dövlət büdcəsindən ödənildiyi üçün Hesablama Palatası xərclərin istiqaməti və dəyərliliyin təmini məqsədi ilə tenderlərin nəticələrinə rəy bildirməli və onu illik hesabat çərçivəsində olmasa da, Milli Məclisə təqdim etməlidir. Həqiqətən də, bir çox tenderlərin keçirilməsində zaman-zaman müxtəlif problemlərin ortaya çıxdığının şahidi oluruq. Bu zaman alınan mal və xidmətlərin dəyərinin süni surətdə şişirdilməsi və beləliklə də, büdcə vəsaitlərinin mənimsənilməsi halları aydınlaşdırılmalıdır. Zənnimcə, Maliyyə Nazirliyi ilə yanaşı, bu işə Hesablama Palatası da qoşulsa, büdcə vəsaitlərinin xərclənməsi daha da ciddi nəzarət altında olar, korrupsiya əməlləri daha tez aşkar edilər və büdcə pulları daha səmərəli istifadə oluna bilər.
Aydındır ki, Hesablama Palatasının illik iş planı vardır və onun əsas fəaliyyəti bu plan üzrə aparılır. Lakin mediada yer alan ciddi korrupsiya faktları ilə bağlı məlumatlar olduqda büdcədən maliyyələşən qurumlarda operativ yoxlamalar aparmaq üçün palatanın daha çevik reaksiya verməsinə şərait yaradılmalıdır. Fikrimcə, Hesablama Palatası öz fəaliyyəti haqda ictimaiyyəti bugünkündən daha müntəzəm qaydada məlumatlandırmalıdır.
Çıxışımın sonunda palatanın illik hesabatını qəbul etməyi təklif edirəm. Diqqətinizə görə sağ olun. 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi