2014-ci il 18 noyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XIII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  96

Milli  Məclisin  iclas  salonu.
18  noyabr  2014-cü  il.

İclasa  Azərbaycan  Respublikası  Milli  Məclisinin
Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 109 deputatı iştirak etmişdir.

Qeydiyyat  (saat 12.01 dəq.)
İştirak edir 103
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Əli Abbasov, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının energetika naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.


 
* * *

Rüfət Aslanlı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Abbas Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.
Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Yusif Yusifov, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini.

* * *

Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.

* * *

Vüqar Gülməmmədov, Azərbaycan Respublikası He-sablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatından

Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.

* * *

Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
Ragim Lətifov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
İsmayıl İsmayılov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.
İlham Quliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
Ceyhun Bayramov, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi ba-rədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fon-dunun 2015-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti ilə Avropa Təh-lükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:
 
Gündəlik haqqında.

Təklif: Gündəlik qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.02 dəq.)
Lehinə  99
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  2
İştirak edir  101
Nəticə: Qəbul edildi 

Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Samir Şərifov, Sevinc Həsənova, Elman Rüstəmov, Vüqar Gül-məmmədov, Azay Quliyev, İqbal Ağazadə, Elton Məmmədov, Rafael Cəbrayılov, Fazil Mustafa, Azər Badamov, Jalə Əliyeva, Kamilə Əliyeva, Zahid Oruc, Əli Məsimli, Astan Şahverdiyev, Qüdrət Həsənquliyev, İlyas İsmayılov

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

18  noyabr  2014-cü  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Xoş gördük, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri və media nümayəndələri! Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat  (saat 12.01 dəq.)
İştirak edir  103
Yetərsay  83

Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik.
Gündəlik sizə paylanıb, xahiş edirəm, gündəliyə münasibət bildirək.

 Səsvermənin nəticələri (saat 12.02 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  101
 Nəticə: Qəbul edildi 

Gündəlik qəbul edildi, çox sağ olun.
Hörmətli cənab Baş nazir və hökumət üzvləri, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmi əsaslar üzərində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi daha da möhkəmləndirməyə imkan yaratmışdır. On ildən artıqdır ki, Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yerini qoruyub saxlaya bilmişdir.
Ölkənin iqtisadi həyatında baş verən müsbət keyfiyyət dəyişiklikləri müzakirəsinə başladığımız büdcə zərfi sənəd-lərində də öz əksini tapmışdır. Büdcə zərfinə daxil olan 2015-ci il və növbəti 3 il üzrə iqtisadi və sosial inkişaf kon-sepsiyası və proqnoz göstəriciləri, 2015-ci ildə büdcə-vergi siyasətinin və 2015–2018-ci illər üçün dövlət investisiya proqramlarının əsas istiqamətləri və başqa sənədlər vaxtında Milli Məclisə təqdim edilmiş və kütləvi informasiya vasitələri ilə elan olunmuşdur. Hesab edirəm ki, 2015-ci ilin büdcə layihəsi ilə bağlı fikirləriniz artıq formalaşmışdır və müzakirələrdə bizə kömək edəcəkdir.
Hörmətli xanımlar və cənablar, cari ilin 9 ayının nəticələrinə əsasən bütövlükdə ölkə iqtisadiyyatında 2,5 faiz artım əldə edilmişdir. Makroiqtisadi proqnozlara görə, 2014-cü ildə ölkədə ümumi daxili məhsul istehsalının 59 milyard manat (75,3 milyard dollar) həcmində olacağı gözlənilir. Bu isə əvvəlki illə müqayisədə 3,6 faiz artım deməkdir. Önəmlisi budur ki, qeyri-neft sektorunda bu göstərici 8,1 faiz təşkil edəcəkdir. Cari ilin sonunadək neft-qaz sənayesi istisna edilməklə iqtisadiyyatın bütün sahələrində artım gözlənilir. İlkin məlumatlara əsasən bu dövrdə dövlət büdcəsinin təsdiqlənmiş proqnozu 101,2 faiz icra edilmişdir. İlin əvvəlindən ölkə iqtisadiyyatına bütün mənbələr hesabına 24 milyard dollardan çox sərmayə yatırılmış, ölkənin valyuta ehtiyatları 3,6 milyard dollar artaraq 53 milyard dollardan artıq olmuşdur.
Qeyd etməliyəm ki, 2015-ci il dövlət büdcəsinin layihəsi Azərbaycanın real inkişaf səviyyəsi, dünyada gedən siyasi və iqtisadi proseslərin təsiri ilə baş verə biləcək mənfi təzahürlər nəzərə alınmaqla hazırlanmışdır. Bununla əlaqədar büdcə hesablamalarında neftin qiymətinin 90 dollar həddində götürülməsini xüsusi vurğulamaq istərdim. Bu, bizim iqtisadi və maliyyə sektorlarımız üçün səfərbəredici bir amildir. Dövlət büdcəsinin layihəsi və digər sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunmuş və Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir.
Hörmətli millət vəkilləri və hökumət üzvləri, büdcə sənədlərindən göründüyü kimi, 2015-ci il dövlət büdcəsinin layihəsi qarşıdakı dövrdə də Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, icra olunan dövlət proqramlarının real-laşdırılmasına zəmin yaradır. 2015-ci ilin dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 5,7 faiz artırılaraq 19,4 milyard manat, xərcləri isə 5,2 faiz artırılaraq 21,1 milyard manat məbləğində nəzərdə tutulur. Dünyada və bölgədə hökm sürən siyasi qeyri-sabitlik şəraitində bu proqnoz göstəricilərini məqbul hesab etmək olar.
Hörmətli millət vəkilləri, büdcə ilə bağlı toxunmaq istədiyim əsas məqamlar bunlar idi. Digər qeydlərimi isə müzakirələrin gedişində bildirəcəyəm. İndi isə gəlin, iclasımızın gedişatını, çıxışların ardıcıllığını müəyyən eləyək. Əgər etiraz eləmirsinizsə, əvvəlcə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadəyə, sonra hörmətli maliyyə nazirinə, iqtisadi inkişaf və sənaye nazirinə söz verək, Milli Bankın, Hesablama Palatasının rəhbərlərinin çıxışlarını dinləyək. Etiraz yoxdur ki? Onda, xahiş edirəm, buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Mən istərdim, çıxışıma cənab Prezident Macarıstan Respublikasında səfərdə olarkən Macarıstanın Baş nazirinin Azərbaycanda gedən proseslər barədə söylədiyi fikirlər ilə başlayım. “Cənab Prezident İlham Əliyev tərəfindən proseslər olduqca aydın təsvir edildi. Həqiqətən də, o çox sadə və açıq şəkildə ifadə etdi ki, gələcək suveren dövlətlərindir. Bəzi ölkələr bu gün çətinliklər yaşayır, öz milli maraqlarını aydın şəkildə vurğulaya, milli təsisatlarını qura bilmirlər. Bununla da dost və tərəfdaş ölkələrdən məhrum olurlar. Digər ölkələrdən yardım istəyən ölkələr də var. Xanımlar və cənablar, bu ölkələrin gələcəyi yoxdur. Bütün bəşəriyyət bu gün çox çətin və mürəkkəb dövr yaşayır. Münaqişə regionlarına diqqət yetirsəniz, bu gün bunları hesablamaq üçün əlimizdəki barmaqlar da çatmaz. Bu gün xəbərlərə baxanda görürük ki, dünyanın müxtəlif yerlərində insanlar əzab-əziyyət, iztirab içindədirlər, çünki bəzi dövlətlərdə səriştəli rəhbərlik yoxdur”.
Bu kimi fikirləri dünyanın ən nüfuzlu siyasətçiləri də səsləndirirlər. Lideri olmayan dövlətin, xalqın taleyi həmişə sual altında olmuş və olacaqdır. Ətrafımızda baş verənlər bu deyilənləri bir daha təsdiq edir. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu, ölkəni dağılmaqdan xilas etdi, çünki o, əsl lider idi.
Bu gün xalqa, dövlətə liderlik missiyasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerinə yetirir. Son 10 ildə İlham Əliyevin başçılığı ilə Azərbaycan dövlətinin uğurları o qədər miqyaslı, əzəmətlidir ki, bu nailiyyətlərə çoxsaylı dövlətlər neçə-neçə onilliklər ərzində nail ola bil-məyiblər. Azərbaycan dövlətinin uğurları bir daha sübut edir ki, hər ölkə irəliyə getmək üçün öz yolunu seçməlidir. Bu seçim ilk növbədə güclü, düşünülmüş iqtisadi siyasətə söykənməlidir. Bu axtarış həyatın təbii hökmü ilə, elmi əsaslarla olmalıdır. İslahatlardan sonra dövlətin iqtisadi qüdrəti artmalı, xalqın rifahı yaxşılaşmalıdır. İnkaredilməz həqiqət belədir ki, liberalizmi fetişləşdirməyərək ona çox ustalıqla, təmkinlə yanaşan Azərbaycan dövləti iqtisadiyyatda böyük nailiyyətlər əldə etmiş, regionun, Avropanın, dünyanın iqtisadi-siyasi həyatında fəal iştirak edən, beynəlxalq aləmdə mövqeyini, imicini ildən-ilə möhkəmləndirən dövlətə çevrilmişdir.
Hörmətli millət vəkilləri, sizlərə təqdim edilmiş büdcə zərfində bu barədə kifayət qədər məlumat verilmişdir. Yeri gəlmişkən onu vurğulayım ki, yüksək peşəkarlıqla hazırlanmış bu sənədlər məsələlərin mahiyyətinin ətraflı şərhini özündə əks etdirir və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verir. Qanun layihəsi Milli Məclisin komitələrində ətraflı və geniş müzakirə olunmuşdur. Mən hörmətli Samir müəllimə, hökumətin ayrı-ayrı strukturlarının rəhbərlərinə müzakirələrdə çox fəal iştirak etdiklərinə, millət vəkillərinin çoxsaylı suallarını ətraflı cavablandırdıqlarına görə təşəkkürümü bildirirəm. Onu da qeyd etmək istəyirəm ki, artıq bir aya yaxındır ki, İqtisadi siyasət komitəsi olaraq ölkənin yaxın 3 ilə iqtisadi inkişaf proqnozunu İqtisadiyyat və Sənaye Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Neft Fondu və digər strukturların peşəkar mütəxəssisləri ilə fikir mübadiləsi edirik. Bu görüşlərdən çıxarılan nəticə ondan ibarətdir ki, Azərbaycan hökumətində, onun strukturlarında yüksək səviyyəli iqtisadçı mütəxəssislər çalışırlar. Bu isə rəqabət mübarizəsi dövründə çox mühüm məsələdir. Sizə təqdim olunan Hesablama Palatasının rəyi də özünün kamilliyi, dolğunluğu, dəyərli tövsiyələri ilə diqqəti cəlb edir.
2015-ci il dövlət büdcəsi barədə hörmətli Samir müəllim kifayət qədər məlumat verəcəkdir. Hörmətli cənab Sədr dövlət büdcəsinin bəzi parametrləri barədə qısaca dedi. Ona görə də mən əsas məqamları sizin nəzərinizə çatdırmaq istəyirəm. İlk növbədə bu sənədlərdə haqlı olaraq büdcənin hazırlanmasının iqtisadi əsasları, 2014-cü ilin icrası ilə bağlı vəziyyət, bütün bu məsələlər beynəlxalq iqtisadi aləmdə baş verən problemlər kontekstində təhlil olunur.
Azərbaycan dünyanın bir parçasıdır. Dünyada baş verən proseslər bu və ya digər dərəcədə Azərbaycana da təsir edir, amma düşünülmüş, milli maraqlara cavab verən Azərbaycan dövlətinin siyasəti bu qlobal sarsıntılar şəraitində ölkəmizin davamlı inkişafını dayandırmamışdır. Bu barədə çox danışmaq olar, dünya üzrə iqtisadi inkişafın zəifləməsi, sosial sarsıntılar və sair.
2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin əsas mahiyyətini Azərbaycan iqtisadiyyatında son 10 ildə əldə edilmiş müsbət meyillərin qorunub saxlanılması, iqtisadi və sosial inkişaf göstəricilərinin yaxşılaşması, ölkənin iqtisadi qüdrətinin, müdafiə qabiliyyətinin daha da artması təşkil edir.
2015-ci ildə ümumi daxili məhsulun həcmi 2010-cu ilə nisbətən 1,4 dəfə artacaq. Bu artım, əsasən, qeyri-neft sek-toru hesabına təmin ediləcək (1,8 dəfə). Adambaşına düşən ümumi daxili məhsulun həcmi 8 min dollar olacaqdır ki, bu da MDB məkanında Rusiya və Qazaxıstandan sonra 3-cü göstəricidir.
2015–2018-ci illərdə həyata keçiriləcək irimiqyaslı struktur tədbirlərinin nəticəsində qeyri-neft sektorunun payı 2014-cü ildəki 60 faizdən 71,3 faizə yüksələcəkdir. Ümumi daxili məhsulun artımı 13 milyard təşkil edəcəkdir. Bu artım da bilavasitə qeyri-neft sektorunun hesabına təmin olunacaqdır.
2015-ci ilin büdcə materialları göstərir ki, gəlirlərin dinamikasında nisbətən zəiflik var. Amma İqtisadi siyasət və digər komitələrdə müzakirələr zamanı vurğulandı ki, 2015-ci il büdcəsinin gəlirləri dövlətin nəzərdə tutduğu vəzifələrin, müəyyən olunmuş inkişaf proqnozlarının uğurla reallaşdırılması üçün real zəmin yaradır.
Dövlət büdcəsində dövlətin yeni çağırışlarına adekvat olaraq Azərbaycan dövlətinin Konstitusiyasında müəyyən edilmiş funksiyaları əvvəlki illərə nisbətən daha yüksək və keyfiyyətli səviyyədə yerinə yetirmək üçün tələb edilən və-saitlər nəzərdə tutulmuşdur.
Qeyri-neft sektorunun diversifikasiyası, sənaye siyasəti-nin dərinləşməsi, aqrar sektorun inkişafı və səmərəliyinin yüksəldilməsi, sosial sahələrin, elmin, təhsilin keyfiyyətli inkişaf imkanlarının genişləndirilməsi üçün əvvəlki illərə nisbətən daha çox vəsait nəzərdə tutulmuşdur ki, bütün bunlar da dövlətin maliyyə imkanlarının genişlənməsi ilə bilavasitə bağlıdır.
Son 10 ildə qlobal maliyyə sarsıntılarına baxmayaraq, Azərbaycan dövləti özünün maliyyə resurslarını artırmış, müəyyən edilmiş sosial-iqtisadi, ölkənin müdafiəsi ilə bağlı vəzifələrin həyata keçirilməsində heç bir maneə, sıxıntı hiss edilməmişdir. Çünki ölkədə milli maraqlara, ölkənin iqtisadi qüdrətinin artmasına xidmət edən səmərəli vergi, maliyyə, gömrük, bank siyasəti yerinə yetirilir.
Bəzi mətbuat səhifələrində reallıq, illər boyu formalaşmış iqtisadi potensial nəzərə alınmadan iqtisadiyyatımızın neftdən asılılığını azaltmaq istiqamətində görülən irimiqyaslı işlər obyektiv qiymətləndirilmir. Xalqımızın böyük zəhməti hesabına yaradılmış yanacaq-energetika kompleksinin bu gün və gələcək üçün nə dərəcədə əhəmiyyətli olduğu arxa plana atılır. Son illərin inkişaf dinamikasında mühüm meyillərdən biri ondan ibarətdir ki, qeyri-neft sektoru daha sürətlə artır.
Büdcə gəlirlərinin 1 milyard artması nəzərdə tutulmuşdur. Müsbət meyil ondan ibarətdir ki, qeyri-neft sektorundan daxilolmalar 11,9 faiz olacaqdır. 2015-ci ildə Dövlət Neft Fondundan transferlər nəzərə alınmadan Vergilər Nazirliyi xətti üzrə vergi daxilolmaları büdcə gəlirlərinin 78 faizini təşkil edəcəkdir.
Vergilər Nazirliyinin vergi sisteminin təkmilləşdirilməsi, vergi mədəniyyətinin, vergi inzibatçılığının yüksəldilməsi, müasir informasiya texnologiyalarından istifadə, vergi daxilolmalarında yığım əmsalının artması bütövlükdə büdcə proqnozlarının yerinə yetirilməsi ilə bağlı işlərə müsbət təsir göstərmişdir. Büdcə zərfinə daxil olan materiallar göstərir ki, görülən tədbirlər nəticəsində Vergilər Nazirliyi üzrə daxilolmalar 7,1 milyard təşkil edəcəkdir ki, bunun da 68 faizini qeyri-neft gəlirləri təşkil edir. Bir faktı da qeyd etmək yerinə düşərdi. 2015-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirləri ölkəmizin 2003–2005-ci illərdə cəmi büdcəsindən 1,4 dəfə, qeyri-neft sektorundan isə 4 dəfə çoxdur.
Gömrük daxilolmaları üzrə proqnozlar da uğurla yerinə yetirilir. Dövlət Neft Fondundan transferləri nəzərə almadan onun dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi 22 faiz təşkil edir. 2015-ci il proqnozu üçün Dövlət Gömrük Komitəsi üzrə büdcəyə daxilolmaların həcmi 2003–2006-cı illər ərzində bu sistem üzrə büdcə daxilolmalarından 4 dəfə çoxdur. Onu da nəzərə almaq lazımdır ki, bu çox vacib məsələdir, millət vəkilləri, xahiş edərdim ki, diqqət edək, ümumi daxili məhsulun strukturunda ayrı-ayrı vergi növləri səviyyəsində tətbiq edilən güzəştlər və azadolmalar, yaradılan sənaye və texnologiya parklarının rezidentləri üzrə uzunmüddətli vergi güzəştlərinin tətbiqinə başlanması, fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi və ölkə ərazisində mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi üzrə vergidən azadolma və vergitutma bazalarının ümumi həcmi ildən-ilə artır. Məsələn, idxal rüsumları üzrə vergitutma bazası idxalın cəmi 50 faizini təşkil edir. Əgər bizim bu il idxalımız 7,5 milyard dollar olmuşdursa, onun 50 faizi idxal rüsumlarından ibarət olmuşdur. Buraya humanitar yardım, neft konsensusu, idxal, lizinq, sıfır dərəcə ilə idxal daxildir. Azad ticarət, digər azadolmalar bütün azadolmaların yarısını təşkil edir. Biz bir sıra Avropa, MDB dövlətləri ilə müqayisələr apardıq. Əlbəttə ki, bu rəqəmin Azərbaycan büdcəsi üçün müəyyən mənada azalması faydalı olardı, çünki gömrük rüsumundan azadolma müstəsna hallarda olmalı, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına, innovasiyalı iqtisadiyyatın inkişafına xidmət etməlidir.
Dövlət başçısının tapşırıqlarına müvafiq olaraq bilirsiniz ki, Azərbaycan hökuməti çox düzgün bir qərar qəbul etdi, Avro-4 standartlarına cavab verməyən maşınlar ölkə ərazisinə buraxılmır. Bu tədbir nəticəsində Azərbaycana gələn maşınların miqdarı və müvafiq olaraq idxal rüsumları da azaldı (təxminən 100 milyon dollar). Amma bu azalma müvəqqəti hal daşıyacaq. Çünki hələ də Azərbaycanın yollarında istismar vaxtı ötmüş yüz minlərlə maşın var. Nə vaxt isə bu məsələ həll olunmalı idi. Yəqin ki, gələcəkdə o maşınlardan istifadə məsələsi ön plana çəkilməlidir ki, gündən-günə yeniləşən Azərbaycan yollarında ekoloji cəhətdən təmiz, müasir maşınlar sürülsün, köhnə maşınlar istismardan çıxarılsın. Maşın sahiblərinin hüquqlarının müdafiəsinin təmin edilməsi nəzərə alınmaqla xüsusi proqramlar olmalıdır. Qeyd edim ki, dünyanın bir sıra ölkələrində belə proqramlar var.
Hörmətli Oqtay müəllim neftin qiyməti haqqında dedi. Doğrudan da, bu məsələ mətbuatda geniş müzakirə olunur. Biz də Dövlət Neft Fondunun, Maliyyə Nazirliyinin mate-rialları əsasında araşdırmalar apardıq. Burada sensasiyaya səbəb olan bir fakt yoxdur. Hesablamalar aparılmışdı ki, neftin qiyməti büdcədə 90 dollar müəyyən ediləcəyi təqdirdə gəlirlər 2 milyard manat azalacaqdır. Ola bilər ki, neftin qiyməti çox aşağı düşsün. 75 də ola bilər, 80 də. Bu, dünya siyasətidir. Hamıya məlumdur ki, neft siyasəti qlobal siyasətin mühüm tərkib hissəsidir.
Amma Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində neftin 90 dollar müəyyən edilməsi ilə əlaqədar olaraq heç bir sosial proqram yarımçıq qalmayacaq. Əksinə, bütün sosial sahələrdə, yəqin, Samir müəllim də, Hadi müəllim də, digər yoldaşlar da deyəcəklər, artıq proqramlar nəzərdə tutulmuşdur. Dövlət Neft Fondunun səmərəli fəaliyyəti yaranacaq risklərdən qorunmaq imkanlarını genişləndirir.
Bu gün bizim valyuta ehtiyatlarımız 55 milyard dolları ötür. Neftin qiymətinin aşağı düşməsi ilə yaranan fərq Azərbaycan iqtisadiyyatının dinamik inkişafına ciddi təsir etməyəcək, ancaq gəlirlər bu səbəbdən dediyim kimi azalacaq. Ancaq bu azalmanı qeyri-neft sektoru hesabına örtmək imkanları vardır ki, Azərbaycan dövləti bütün bu prosesləri nəzarətdə saxlayır.
Azərbaycan dövlətinin apardığı siyasətin nəticəsidir ki, büdcə xərcləri artıq 20 milyardı ötüb keçir. Vaxt var idi, biz 1 milyarddan danışırdıq. Cəmi büdcə xərclərinin xüsusi çəkisi 75–80 faiz olsa da, ortada olan vəsait o qədər az idi ki, heç bir irimiqyaslı layihə həyata keçirə bilmirdik. Bu gün irimiqyaslı xərclərin 5,2 faizi müdafiə xərclərinə yönəldiləcək, mən rəqəmlərlə vaxtınızı almaq istəmirəm, yəqin ki, bu barədə Samir müəllim ətraflı deyəcək.
Onu qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti, Maliyyə Nazirliyi haqlı olaraq iqtisadiyyata cəlb olunacaq sərmayənin strukturunda daxili resursların payının artırılmasını, dövlət sifarişli layihələrin maliyyələşdirilməsinə üstünlük verilməsini, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin strukturunun təkmilləşdirilməsinin davam etdirilməsini, həmin vəsaitlərdən səmərəli istifadə olunmasını vacib vəzifələrdən biri sayır.
Bəzən bizə deyirlər ki, Azərbaycan dövlətinin büdcəsində əsaslı xərclər, cari xərclər çoxdur. Ancaq resurslardan istifadə fikri bütövlükdə Azərbaycanın gələcəkdə inkişaf strategiyasının əsas müddəalarından biri olmalıdır. Biz resursları maliyyə resursları, kreditlər, investisiyalar şəklində ölkə iqtisadiyyatına qoymalıyıq ki, həmin layihələr də öz növbəsində milli gəlir gətirsin və bunun hesabına Azərbaycanın büdcəsi dolsun. Bu istiqamətdə görülmüş işlər təqdirəlayiqdir. Əgər biz çox böyük investisiyalar qoymasaydıq, bəzi beynəlxalq məsləhətçilərə qulaq assaydıq və ehtiyatları, sadəcə olaraq, yığsaydıq, bu gün Azərbaycan iqtisadiyyatı çox ağır bir vəziyyətə düşə bilərdi. Ona görə də Azərbaycan dövləti, Azərbaycan hökuməti haqlı olaraq mövcud imkanları bu-günkü problemlərin həllinə yönəldir və əsaslı xərclər bu gün dövlət büdcəsinin 44,3 faizini təşkil edir.
Mən millət vəkillərindən xahiş edərdim ki, o layihələrə baxsınlar. O layihələrin miqyası, əhatə dairəsi o qədər genişdir ki, 5–10 ildən sonra Azərbaycan, sözün həqiqi mənasında dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək. Azərbaycan qazının dünya bazarına nəqli, Cənub Bakı Limanının, yeni respublika stadionunun tikilməsi ilə əlaqədar xərclər 2 milyard olacaq. Təkcə bu iki layihə Ermənistanın dövlət büdcəsinin 75 faizindən çoxdur. Əlavə şərhə ehtiyac yoxdur.
Yüzlərlə layihə həyata keçirilir, lakin biz hər krediti almamalıyıq. O krediti almalıyıq ki, Azərbaycan iqtisadiyyatına xeyir gətirsin. Ona görə də dövlət büdcəsinin əsaslı xərclər bölməsi çox diqqətlə hazırlanmışdır. Mən, eyni zamanda, bildirmək istərdim ki, 2015-ci ildə dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsait hesabına 673 layihə, o cümlədən 167 layihə, 506 keçid layihəsi və 124 obyekt təhvil veriləcək. Növbəti ildə proqram təyinatlı investisiyalar 70 milyard təşkil edəcəkdir. Komitələrdə müzakirələr zamanı o da qeyd olundu ki, qanun layihəsinə əlavə olunmuş izahatda həmin layihələrin sahələr, regionlar və başqa göstəricilər üzrə xarakteristikasının verilməsi çox vacib olardı. Bilirsiniz, biz sovet dövründə də müvafiq strukturlarda çalışmışıq. O vaxtlar statistikada belə bir göstərici var idi: “bitməmiş tikinti”, yəni həddən artıq çoxsaylı tikintilər başlanırdı, amma vəsait çatmadığından, mərkəz pul ödəmədiyindən hamısı yarımçıq qalırdı.
Bu gün Azərbaycanda yarımçıq qalan tikintilər çox azdır. Çünki hamısının maliyyə mənbələri, material təminatları var. Bu layihələr dövlət və ya özəl strukturlar tərəfindən nəzarətə götürülür. Ona görə də belə layihələrin düzgün seçilməsi vacibdir, bunların içərisində elm tutumlu, əmək tutumlu layihələrin artırılması, mənə elə gəlir ki, ən vacib məsələlərdən biridir. Razılıq hissi ilə qeyd edilməlidir ki, ölkədə böyük gələcəyi olan sənaye siyasəti yerinə yetirilir.
Bu gün emal sənayesi Azərbaycan sənayesinin 5–7 faizini təşkil edir. Əvvəla, Dövlət Statistika Komitəsi ilə biz bu sahələrin təsnifatı barədə müzakirələr aparmalıyıq. Azərbaycanın emal sənayesinin ÜDM-də xüsusi çəkisinin yaxın illərdə ən azı 15–20 faizə qaldırılması imkanları var. Emal sənayesinin qalxması nə deməkdir? Bu o deməkdir ki, müasir müəssisələr yaranacaq, emal sənayesinin əmək tu-tumluluğu artacaq, yüksəkixtisaslı və müasir yönümlü işçi qüvvəsinə ehtiyac artacaq. Ona görə də mən belə hesab edirəm ki, – yəni bu təkcə mənim fikrim deyil, həm də komitələrin fikridir, – Azərbaycanda uğurla həyata keçirilən sənaye siyasətini bir daha təhlil etmək, emaledici müəssisələrin inkişafını, maşınqayırma müəssisələrinin yaradılmasını, ümumiyyətlə, təsnifatı təkmilləşdirmək lazımdır, çünki maşınqayırma müəssisələrinin yaradılması imkanları çox böyükdür və hökumət bu imkanlardan daha səmərəli istifadə edəcək.
Bütövlükdə, dövlət büdcəsində nəzərdə tutulan əsaslı xərclər ölkənin milli maraqlarına cavab verir. Bu, komitə-lərin fikridir. 2015-ci ilin dövlət büdcəsinin fərqləndirici cəhətlərindən biri ondan ibarətdir ki, aqrar sektorla bağlı çox böyük işlər görülür, yəqin, hörmətli Eldar müəllim də bu barədə deyəcək.
Dünən cənab Prezident Şəmkirdə yeni su anbarının açılı-şında iştirak etdi. 30-a yaxın yeni iri fermer təsərrüfatı yaradılıb. Bu, 30 min hektar torpaq sahəsini əhatə edəcək. Bu o deməkdir ki, bir sahibkarın sərəncamında 2000 hektar torpaq sahəsi olacaq. Sahibkarın sərəncamında iri torpaqların, sahələrin olması əmək məhsuldarlığının artması, məhsulun dünya bazarına çıxarılması imkanlarının genişlənməsi deməkdir. Ona görə də mən Heydər Əsədova təşəkkür edirəm ki, nazirlikdə qısa zaman kəsiyində bu qədər quruculuq işləri aparılır. Eyni zamanda, arzumuzu da bildirməliyik ki, daxili bazarı qorumaq lazımdır. Hələ də kəndlinin istehsal etdiyi məhsulların bazara çıxarılmasında maneələr, çətinliklər var. Emal müəssisələri onları çox ucuz qiymətə alır, bu da, heç şübhəsiz ki, kəndə olan marağın azalmasına səbəb olur. Yəqin ki, həvəsləndirmə metodları təkmilləşməlidir. Subsidiyaları verərkən son nəticələri göstərməliyik.
Bu il torpaq sahəsinə, yanacağa və sairə görə 100 milyon manat nəzərdə tutulur. Amma bunu da fikirləşək, nə üçün Quba–Xaçmaz zonasında yetişən almalar çöldə qalmalıdır? Nə üçün bu alma 4 qəpiyə satılmalıdır? Deməli, problemlər var.
Bu sahə ilə bağlı dövlət başçısının tapşırığı var, daxili bazar qorunmalıdır, özü də sivil metodlarla qorunmalıdır.
Azərbaycanın bu gün formalaşmış güclü nəqliyyat kompleksi var. Onun növləri arasında koordinasiya var və bu iş daha da təkmilləşə bilər. Sonra mən burada bir məsələni deyəcəyəm. Milli Məclisə müraciət edirlər, 10, 15 kilometr uzunluğunda yollardır, amma əhalinin təhlükəsizliyi üçün bir keçid yoxdur. Elə götürək Mərdəkan–Bilgəh yolunu. Mən hökumətdən xahiş edirəm, bu barədə artıq Baş nazir Artur müəllimə də demişəm, Abid müəllimə də. Hesab edirəm ki, tez tikilən, tez quraşdırıla bilən konstruksiyalı keçidləri istifadəyə vermək olar. Azərbaycanın nəqliyyat kompleksinə ayrılan xərclər – yeni yolların salınması, Bakı Dəniz Limanının tikilməsi, Azərbaycanla Rusiya arasında nəqliyyat əlaqələrinin təkmilləşməsi, dəmir yolu infrastrukturunun yeniləşməsi və sair ilə bağlı ayrılan xərclər dövlət büdcəsinin müzakirəsində mühüm yer tutur.
Təbii ki, millət vəkilləri də, jurnalistlər də Azərbaycanın borclanma siyasəti ilə maraqlanırlar. Prezidentin 2005-ci ildə Milli Məclisdəki çıxışında borclanma siyasətinin əsas prinsipləri birmənalı şəkildə açıqlanıb. Azərbaycan dövləti borclanmaya o vaxt getməlidir ki, o borclanma yeni texnologiyalara, keyfiyyətli məhsul istehsalına yönəldilmiş olsun. Bu siyasət bu gün uğurla davam etdirilir. Azərbaycanda borclanmanın səviyyəsi ümumi daxili məhsulun 8,5 faizini təşkil edəcək. Borclanma ilə xidmətlər bir müddət artacaq, çünki güzəştli borcların vaxtı qurtarır, sazişlərin strukturunda dəyişikliklər baş verir, yəni dövlət müəyyən borclanmaya getməlidir.
Azərbaycan borcalan ölkədən borcverən ölkəyə çevril-mişdir. Eyni zamanda, Azərbaycan bu gün kreditor kimi çıxış edir. Bütün bunlar dövlət büdcəsinin layihəsində geniş şəkildə nəzərə alınmışdır. Yuxarıda Macarıstanın Baş nazirinin çıxışı ilə bağlı fikirlərimi açıqladım. Ən çətin vaxtlarda ulu öndər Heydər Əliyev yardım və kredit alanda Azərbaycan qarşısında ağır şərtlər qoyulurdu. Təklif edirdilər ki, neft şirkəti özəlləşdirilsin, amma ulu öndər bu təklifi qəbul etmədi. Neft sektorunun özəlləşməməyi bu gün Azərbaycan xalqı üçün çox böyük bir sərvətdir.
Bütün sosial sahələr üzrə müsbət meyillər gözlənilir. Bir balaca azalma müşahidə olunur, onun da obyektiv səbəbləri var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir il ərzində gördüyü işlərin ana xətti əmək müqavilələrinin bağlanması sistemində köklü dəyişikliklərin əldə edilməsidir. Siz baxın, artıq əmək müqaviləsi bildirişlərinin sayı 1 milyon 500 mini ötüb. Heç vaxt belə olmayıb. Çox yerlərdə əmək müqaviləsi bağlanmırdı, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müdaxiləsinin nəticəsində nə qədər yeni əmək müqavilələrinin bağlanmasına nail olundu. Əmək müqaviləsinin bağlanması dövlətin sosial müdafiəsi, işçilərin hüquqlarının müdafiəsinin qorunması, əhalinin gəlirlərinin artması və eyni zamanda, gizli iqtisadiyyatın, şəffaf olmayan iqtisadiyyatın açıqlanması deməkdir. Sizə bir rəqəm demək istəyirəm. İşəgötürənlər tərəfindən yol verilmiş inzibati xətaya görə 3166 vəzifəli, hüquqi şəxs barədə inzibati qərar qəbul edilərək 3,8 milyon manat cərimə olunub. Bu cərimənin 1 milyonundan yuxarısı dövlət büdcəsinə keçirilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 23 dəfə çoxdur. İşlə bağlı müraciət edənlərin sayı da artmışdır. Bu o deməkdir ki, yerlərdə icra strukturları dövlət başçısının tapşırıqlarını müvəffəqiyyətlə həyata keçirir, amma bilirsiniz ki, bizim üçün ən böyük problemlərdən biri gələcəkdə də məşğulluqdur, məşğulluğun keyfiyyət strukturunun təkmilləşməsi, peşə texniki təhsilə diqqətin artırılmasıdır.
Hörmətli millət vəkilləri! “Büdcə sistemi haqqında” Qa-nunda nəzərdə tutulan miqdarda ehtiyat fondu nəzərdə tutulub. Bizim büdcə kəsirimiz var. Mən bir iqtisadçı kimi demək istəyirəm ki, ən yüksək inkişaf etmiş ölkə də olacağıq, onda da büdcə kəsirimiz 1–2 faiz olsa, bu bizim üçün mənfi hal deyil, əksinə, biz daxili resursları, daxildə olan əmanətləri səfərbər edərək onları investisiyaya yönəldəcəyik. Məzənnənin, manatın dönərliliyinin sabit qalması, əhalinin pul gəlirlərinin inflyasiyanı ötməsi dövlət büdcəsi hazırlanarkən nəzərə alınmışdır və bütün bunlar bütövlükdə Azərbaycan dövlətinin 2015-ci il üzrə büdcəsinin reallığa əsaslandığını təsdiq edir və millət vəkillərindən bu layihəyə səs vermələrini xahiş edirəm. Bir daha qeyd etmək istəyirəm ki, bizim büdcəmizin hazırlanma səviyyəsi son dərəcə yüksəkdir və sizin hamınıza uğurlar diləyirəm. Çox sağ olun.
Sədrlik edən. Söz verilir Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifova. Buyurun, Samir müəllim.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri, xanımlar və cənablar! 2015-ci il dövlət büdcəsinin əsas göstəricilərini özündə əks etdirən Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim olunmuşdur. Qanunla yanaşı təqdim olunmuş büdcə zərfinə 2015-ci il üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, Azərbaycan Respublikasının yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanunlarının layihələri, habelə Azərbaycan Respublikasının 2015-ci il və sonrakı 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz gös-təriciləri, Azərbaycan Respublikasının 2015-ci il və sonrakı 3 il üçün icmal büdcənin əsas göstəriciləri, 2015–2018-ci illər üçün dövlət investisiya proqramının əsas istiqamətləri, Azərbaycan Respublikasının ərazi üzrə toplum maliyyə balansı, Azərbaycan Respublikasının dövlət borcları və dövlət zəmanəti ilə öhdəliklərinə və 2014-cü ilin 9 ayında Azərbaycan Respublikasının dövlət büdcəsinin icrasına dair məlumatlar, büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlarına və dövlət büdcəsi kəsirinin maliyyələşdirmə mənbələrinə dair hesabat da daxil edilmişdir. Milli Məclisin bugünkü geniş iclasından əvvəl 2015-ci il dövlət büdcəsinin layihəsi Milli Məclisin bütün komitələrində hökumət nümayəndələrinin iştirakı ilə ətraflı müzakirə edilmiş və qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması təklif olunmuşdur.
Hörmətli millət vəkilləri! 2015-ci il dövlət və icmal büdcələri layihələrinin tərtibi zamanı “Azərbaycan 2020: gələ-cəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn vəzifələr, 2015–2018-ci illər üzrə Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri əsas götürülmüş, həmçinin cari ilin 9 ayında ölkənin makroiqtisadi durumu, iqtisadiyyatın əsas meyilləri və nəticələrinin, 2013-cü ilin dövlət büdcəsinin və 2014-cü ilin dövlət büdcəsinin gözlənilən icra vəziyyətinin, dünyada artan geosiyasi gərginliyin yerləşdiyimiz regiona, dolayısı ilə ölkəmizə və onun sosial-iqtisadi inkişafına ehtimal olunan riskləri və mənfi təsirlərinin qiymətləndirilməsindən gözlənilən nəticələr nəzərə alınmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, artıq hökumət prinsiplərinə uyğun olaraq əhalinin ətraflı və qabaqcadan məlumatlandırılması və ictimai müzakirələrə imkan yaratmaq məqsədilə 2015-ci il dövlət və icmal büdcələrinin layihələri və növbəti 3 il üçün icmal büdcənin göstəriciləri Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməmişdən əvvəl təqdimat şəklində hazırlanaraq Maliyyə Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkələrdəki səhifələrində yerləşdirilmişdir.
2015-ci il dövlət büdcəsinin xərcləri 21 milyard 100 milyon manat təşkil etməklə ölkəmizdə Azərbaycan Respubli-kasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi strategiyanın davamlılığını təmin edir. Dövlət büdcəsi xərcləri 2014-cü ilə nisbətən 5,2 faiz və yaxud 1 milyard 37 milyon manat artımla proqnoz-laşdırılır. Bütövlükdə 2015-ci il dövlət büdcəsinin xərcləri daxili məhsulun 35,3 faizi həcmində və yaxud cari illə müqayisədə 1,3 faiz çox nəzərdə tutulur. Qeyd etdiyim kimi, 2015-ci il dövlət büdcəsi ilə bağlı kifayət qədər məlumat Milli Məclisə təqdim olunmuş, komitələrdə ətraflı müzakirələr aparılmışdır. Bu gün mən növbəti ilin dövlət büdcəsi xərclərinin xarakterik şərtləri və prioritetləri üzərində ayrıca dayanmaq istərdim.
2015-ci ilin dövlət büdcəsi cari ilin büdcəsi kimi investi-siya yönümlü büdcə olaraq qalır. Büdcənin əsaslı xərcləri ümumi dövlət büdcəsi xərclərinin 44,4 faizi səviyyəsində və yaxud 9 milyard 366 milyon manat məbləğindədir. Əsaslı xərclərin gözlənilən ümumi daxili məhsula nisbəti 15,7 faiz təşkil edir, bu da cari illə müqayisədə 1,5 faiz çoxdur.
2015-ci il dövlət büdcəsinin əsaslı xərclərindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6 milyard 930 milyon manat vəsait sərf ediləcəkdir. Növbəti ilin dövlət əsaslı vəsait qoyuluşu xərclərində 2014-cü ildə tamamlanması və icrasının davam etdirilməsi nəzərdə tutulan nəqliyyat, energetika, kənd təsərrüfatı, sənaye və digər fiziki infrastruktur-ların, sosial-mədəni təyinatlı müəssisələrin tikintisi, əsaslı təmiri, yenidən qurulması və bərpası, əsas vəsaitlərin alın-ması, ölkənin müdafiə, milli təhlükəsizlik, sərhəd və digər tədbirləri üzrə əsaslı işlərin görülməsi ilə bağlı layihələrin maliyyə təminatına üstünlük veriləcəkdir. İcmal büdcənin investisiya xərclərini də nəzərə alsaq, icmal investisiyanın əsaslı xərcləri ümumi daxili məhsulun 21,3 faizinə bərabər olacaqdır ki, bu da 2014-cü ilə nisbətən 3,2 faizdən çox de-məkdir. Bu bir daha Azərbaycan dövləti tərəfindən iqtisadi inkişafa və artıma verilən dəstəyin bariz göstəricisidir.
Gələn il dövlət büdcəsinin sosialyönümlülüyü ənənəvi olaraq saxlanılır, növbəti ildə əsas maliyyə təminatı rolunu oynayan dövlət büdcəsinin sosialyönümlü xərclərinin büdcədəki xüsusi çəkisi 27,6 faiz olmaqla cari illə müqayisədə 1,1 faiz artmışdır. Ümumiyyətlə, növbəti ildə sosialyönümlü tədbirlər üzrə xərclərin məbləği 5 milyard 826 milyon manat təşkil edəcəkdir ki, bu da 2014-cü ilə nisbətən 489 milyon manat və yaxud 9,2 faiz artım deməkdir. Bu mənbədən əməyin ödənişi üzrə xərclərə 3 milyard 452 milyon manat və yaxud cari ilə nisbətən 418 milyon manat çox vəsait nəzərdə tutulur. Əhalinin ən əsas və aztəminatlı hissəsinin yaşayışı üçün mühüm maliyyə təminatı rolunu oynayan pensiya, təqaüd və sosial müavinətlərin ödənişinə 1 milyard 845 milyon manat və yaxud cari ilə nisbətən 75 milyon manat çox vəsait ayrılır. Pensiya, müavinət və digər sosial ödənişlərin həyata keçirilməsini təmin edən Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 3 milyard 56 milyon manat təşkil edəcəkdir. Fondun xərclərinin 55,8 faizi və yaxud 1 milyard 704 mil-yon manatı dövlət büdcəsindən 1,1 milyard manat məblə-ğində verilən transfert və dövlət büdcəsindən maliyyələşən təşkilatların ayırmaları hesabına örtüləcəkdir. Bu ilə nisbətən 2015-ci il dövlət büdcəsi xərclərində sosial təminat xərcləri 18 faiz, mədəniyyət, incəsənət, kütləvi informasiya və idman xərcləri 11,7 faiz, səhiyyə xərcləri 7,2 faiz, təhsil xərcləri 3,5 faiz artımla proqnozlaşdırılmışdır.
Elm xərclərindən növbəti ilin dövlət büdcəsinə 143 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu bölmədən maliy-yələşən təşkilatların büdcədənkənar gəlir və xərcləri nəzərə alınmadan dövlət büdcəsindən elmə 137 milyon manat vəsait ayrılacaqdır ki, bu da 2014-cü ilin proqnozuna nisbətən 4 milyon manat və yaxud 3,2 faiz çox vəsaitin ayrılması deməkdir. Elm xərclərinə növbəti ilin dövlət büdcəsində 143 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu bölmədən maliyyələşən təşkilatların büdcədənkənar gəlir və xərcləri nəzərə alınmadan qeyd etdiyim kimi, 3,2 faiz çox vəsait ayrılıb. Həmin sferanın inkişafı üçün dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunda da müvafiq məbləğdə vəsait ayrılacaqdır. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, əvvəlki illərdə dövlət büdcəsindən ayrılan vəsaiti də nəzərə alsaq, növbəti ildə elmin inkişafı fondunun vəsaitinin həcmi 19,5 milyon manata çatdırılacaqdır. Elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sosial müdafiə və sosial təminat sahələri üzrə proqram və məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün növbəti ilin dövlət büdcəsində 2 milyard 141 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Növbəti ilin dövlət büdcəsində məqsədli olaraq Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasından irəli gələn vəzifələrin icrası üçün 117 milyon manat, ölkənin ali təhsil müəssisələrində kadr hazırlığının dövlət sifarişi əsasında və adambaşına maliyyələşmə prinsipi ilə həyata keçirilməsi üçün 135 milyon manat, təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün 19 milyon manat, ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması üçün 9 milyon manat, təhsil müəssisələrinin təmiri və maddi-texniki təminatının möhkəmləndirilməsi üçün 22 milyon manat vəsait ayrılmışdır. Bununla yanaşı, 2015-ci il Dövlət Neft Fondunun vəsaiti hesabına Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsi üçün 44 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Səhiyyə sahəsində islahatların davam etdirilməsi, bu sa-hənin inkişafı üçün bir sıra proqram və tədbirlərin, həmçinin bəzi xəstəliklərin profilaktikası üçün məqsədli olaraq 2015-ci il dövlət büdcəsindən 199 milyon manat, o cümlədən xroniki böyrək çatışmazlığı üzrə tədbirlərə 27 milyon manat, irsi qan xəstəlikləri üzrə tədbirlərə 22 milyon manat, xərçəng xəstəliyi ilə bağlı tədbirlərə 42 milyon manat, şəkərli diabet üzrə tədbirlərə 36 milyon manat, vərəmlə mübarizə üzrə tədbirlərə 2 milyon manat, uşaqların sağlamlığının qorunması ilə bağlı tədbirlərə 4 milyon manat, dağınıq skleroz xəstəliyi ilə bağlı tədbirlərə 3 milyon manat, səhiyyə müəssisələrinin təmiri və maddi-texniki təminatının möhkəmləndirilməsinə 8 milyon manat vəsait proqnozlaşdırılıb.
Ölkədə mədəni irsin, idman ənənələrinin qorunub saxlanılması və inkişafı sahələri üzrə bir sıra dövlət proqram və tədbirlərinin maliyyə təminatı üçün 1 milyard 446 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu mənbədən ilk dəfə olaraq Azərbaycanda keçirilən I Avropa Oyunları kimi mötəbər idman tədbiri üçün vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan gəncliyi dövlət proqramının maliyyə təminatı yaradılır. Azərbaycan teatrının və kinosunun inkişafına dair dövlət proqramının icrası üçün 11 milyon manat, teatr və konsert müəssisələrinin fəaliyyəti ilə bağlı yaranmış zərərin ödənilməsi üçün 15 milyon manat, eyni zamanda, mədəniyyət və idman obyektlərinin təmiri və maddi-texniki təminatının möhkəmləndirilməsi üçün 44 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclərin maliyyələşdirilməsi də eyni səviyyədə sax-lanılacaqdır. Bu məqsədlə 2015-ci il dövlət büdcəsində 225 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur və ya 2014-cü illə müqayisədə 1 faiz çox vəsait ayrılır. Bununla yanaşı, qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələş-dirilməsi üçün 2015-ci il Dövlət Neft Fondunun büdcəsindən 300 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Növbəti ildə sosial ipoteka üçün 50 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Bu da cari illə müqayisədə 10 milyon manat çox vəsait deməkdir.
Ölkəmizin milli təhlükəsizliyinin təmin edilməsi və hərbi qüdrətinin möhkəmləndirilməsi, silahlı qüvvələrin təminatının təkmilləşdirilməsi və hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi dövlət büdcəsinin prioritet xərc istiqamətləri kimi qalmaqdadır. Ölkəmizin yerləşdiyi regiondakı gərgin geosiyasi vəziyyətdə beynəlxalq hüquq normalarına və beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan qonşu Ermənistanın işğalçılıq siyasətinin, cəbhə xəttində, həmçinin cəbhəyanı yaşayış məntəqələrində mövcud təhdidinin və təxribat hərəkətlərinin davam etdiyi bir şəraitdə Azərbaycan Silahlı Qüvvələrinin təminatının daha da gücləndirilməsini əlavə əsaslandırmağa ehtiyac yoxdur. Növbəti ildə də dövlət büdcəsindən müdafiə xərclərinə 3 milyard 783 milyon manat vəsait ayrılacaqdır ki, bu da 2014-cü illə müqayisədə 908 milyon manat və yaxud 27,2 faiz çox deməkdir. Ayrılan vəsait dövlət büdcəsi xərclərinin 17,9 faizi səviyyəsində olmaqla cari illə müqayisədə 3,1 faiz artacaqdır. Ölkə iqtisadiyyatının şaxələnməsinə və iqtisadi fəallığın artırılmasına, qeyri-neft sektorunun inkişafına, əhalinin yaşayış və məşğulluq şəraitinin yaxşılaşdırılmasına yönələn dövlət dəstəyi tədbirləri növbəti illərdə də davam etdirilməklə prioritet hədəflər sırasında olacaqdır.
Bu baxımdan böyük əhəmiyyət kəsb edən kənd təsərrüfatı sahəsinə növbəti ilin dövlət büdcəsinin cari xərclərindən 596 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2014-cü ilin proqnozu ilə müqayisədə 33 milyon manat və yaxud 5,9 faiz çoxdur. Fermerlərə və sahibkarlara dövlət qayğısının təzahürü olaraq torpaq vergisi istisna olmaqla kənd əməkçiləri bütün növ vergilərdən azad edilmiş, kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsində orta hesabla 70 faiz güzəştlə satılan mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 60 faiz artırılaraq 50 manatdan 80 manata çatdırılmışdır. Bu məqsədlə növbəti ildə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi müvafiq olaraq artırılmışdır. İqtisadiyyatın şaxələnməsində mühüm komponentlərdən olan, əsasən də, real sektorun inkişafına yönəlmiş dövlət dəstəyi ilə uzun-müddətli və güzəştli kreditlərin verilməsi hesabına bütövlükdə ölkədə sahibkarlığın inkişaf etdirilməsi, aqrar sektorda çalışan sahibkarların kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlara, mineral gübrələrə olan tələbatlarının ödənilməsi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və fermerlərə mikrokreditlərin verilməsi üçün növbəti ilin dövlət büdcəsində 152 milyon manat vəsait nəzərdə tutulmuşdur. İqtisadiyyatın şaxələnməsinə bilavasitə müsbət təsir göstərəcək 2014–2018-ci illəri əhatə edən regionların və 2014–2016-cı illərə şamil edilən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində zəruri, sosial və infrastruktur layihələrin maliyyələşdirilməsinə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən iri həcmlərdə vəsait ayrılacaqdır.
Ölkəmizin iqtisadi inkişafında mühüm amil olan enerji, ərzaq və nəqliyyat təhlükəsizliyimizin möhkəmlənməsi də 2015-ci ildə prioritet hədəflər sırasında olacaqdır. Bu baxımdan Avropanın enerji təchizatında Azərbaycanın rolunun artması və möhkəmləndirilməsi ilə yanaşı, dövlətimizin texnoloji və iqtisadi inkişafına, xalqımızın firavan yaşamasına əlavə təkan verəcək Cənub Qaz Dəhlizinin həyata keçirilməsinə dövlət və icmal büdcələrindən maliyyə dəstəyinin verilməsi nəzərdə tutulur. Həmin məqsəd üçün növbəti ilin dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən 928 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən isə 1 milyard 341 milyon manat, cəmi icmal büdcədən 2 milyard 269 milyon manat vəsait sərf ediləcəkdir. Bu, icmal büdcənin xərclərinin 8,8 faizinə bərabərdir. Azərbaycanın nəqliyyat təhlükəsizliyinin vacib tərkib hissəsini təşkil edən beynəlxalq əhəmiyyətli dəmiryol və magistral avtomobil yollarının yenidən qurulması işləri növbəti ildə də davam etdiriləcək, bu çərçivədə yeni tarixi İpək Yolu layihəsinə daxil olan Bakı–Tbilisi–Qars dəmir yolunun və yeni Bakı Dəniz Ticarət Limanının tikintisinin başa çatdırılması üçün 300 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Ölkə əhalisinin enerji təminatının ilk növbədə qaz və elektrik enerjisi ilə təchizi, artımı və təkmilləşdirilməsi üçün 2015-ci ildə dövlət büdcəsinin investisiya xərcləri və xarici kreditlər hesabına 1 milyard 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Ərzaq təhlükəsizliyi proqramının həyata keçirilməsi üçün növbəti ilin dövlət büdcəsindən 186 milyon manat vəsait ayrılacaqdır ki, bu da cari illə müqayisədə 42,1 faiz və yaxud 55 milyon manat çox deməkdir. Dövlət büdcəsi xərclərinin strukturunun və tərtibi prosesinin təkmilləşdirilməsi, şəffaflığın və ünvanlılığın artırılması, xərclərin ortamüddətli və uzunmüddətli dövrləri əhatə edən proqramlar və son nəticəyə söykənən prinsiplər əsasında proqnozlaşdırılmasının daha da genişləndirilməsi xətti davam etdirilir. Növbəti ildə də dövlət büdcəsi xərclərinin 10 milyard 39 milyon manatı və yaxud 47,6 faizi konkret proqram və tədbirlər üzrə maliyyələşdiriləcəkdir ki, bu da cari illə müqayisədə 588 milyon manat və yaxud 6,2 faiz çox deməkdir.
Yuxarıda qeyd olunan prioritetlər sırasına ölkəmizin iqtisadiyyatının şaxələnməsində xüsusi əhəmiyyət kəsb edən dövlət borclanma siyasətinin, həmçinin rayon və şəhərlərin gəlir və xərclərinin tarazlaşdırılması siyasətinin də uğurla reallaşdırılmasını əlavə etmək olar. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin xaricdən ölkəyə cəlb edilən dövlət zəmanətli kreditlərin ümumi daxili məhsula nisbətinin optimallaşdırılması və bu nisbətin 10 faiz həddini üstələməməsi ilə bağlı verdiyi tapşırıq əsas götürülməklə dövlət borcunun idarə edilməsi strategiyası və onun 2015-ci il büdcəsində əsas vəzifələri müəyyənləşdirilmişdir. 2014-cü il oktyabrın 1-i tarixinə Azərbaycan Respublikasının istifadə edilmiş kreditlərə görə xarici dövlət borcunun məbləği ümumi daxili məhsulun 8,5 faizini təşkil etmişdir, o da artıq burada qeyd olunmuşdur.
Növbəti ildə ödəniş vaxtı çatmış əsas borc və faizlərin ödənilməsi üçün 2015-ci ilin dövlət büdcəsində 776 milyon manat məbləğində vəsait nəzərdə tutulur. 2015-ci ildə Azərbaycan Respublikasının xarici dövlət borclanmasının yuxarı xətti, limiti bu ilə nisbətən 500 milyon manat azaldılaraq 1,5 milyard manat müəyyən edilir. Bu siyasət ortamüddətli dövrdə də davam etdiriləcəkdir. Bu bizə ilk növbədə xarici dövlət borcunun ümumi daxili məhsulda xüsusi çəkisinin tarazlı şəkildə saxlanılmasına, mən deyərdim, hətta tədricən azalmasına imkan verəcəkdir. Bununla belə, 2015-ci ildə Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları və kredit təşkilatlarından əvvəlki illərdə cəlb edilən kreditlər hesabına ölkəmizdə elektrik, su təchizatı və kanalizasiya, yol şəbəkəsi, kənd yerlərinin kompleks inkişafı üzrə bir sıra mühüm infrastruktur və sosial təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 1 milyard 773 milyon manat vəsait sərf ediləcəkdir.
2015-ci ildə də Azərbaycan Respublikasının rayon və şəhərlərinin yerli xərclərinin yerli gəlirlər hesabına təmin edilməsi kimi müsbət meyillər güclənəcək. Vergi potensia-lının artırılması, həmçinin ərazilərdə formalaşan vergi və digər ödənişlərin tam məbləğdə rayon və şəhərlərin yerli gəlirlərinə aid edilməsi onlara mərkəzləşmiş xərclərdən ayrılan maliyyə yardımının tədricən azalmasına şərait yaradır. 2015-ci il üçün rayon və şəhərlərin yerli gəlirləri 835 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisə-də 6,7 faiz və yaxud 52 milyon manat çox deməkdir. Növ-bəti ildə rayon və şəhərlərin yerli xərcləri 1 milyard 654 milyon manat məbləğində proqnozlaşdırılmışdır. Bu, 2014-cü ilə nisbətən 25 milyon manat və yaxud 1,5 faiz artım deməkdir. 2015-ci ildə rayon və şəhərlərin yerli gəlirlərinin tarazlaşdırılması üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının həcmi cari illə müqayisədə 3,3 faiz azalacaq və 49,5 faiz təşkil edəcəkdir. Yəni yerli xərclər daha çox yerli imkanlar və gəlirlər hesa-bına təmin ediləcəkdir. Yeri düşmüşkən, onu da qeyd etmək istərdim ki, son 5 illə müqayisədə rayon və şəhərlərin yerli xərcləri 517 milyon manat və yaxud 45,5 faiz artdığı halda, yerli gəlirlərin artımı hesabına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının yerli xərclərin tərkibində xüsusi çəkisi 15,5 faiz azalmışdır.
Dövlət büdcəsinin gəlirləri. Hörmətli millət vəkilləri, 2015-ci il dövlət büdcəsinin gəlirləri proqnozu qlobal geosiyasi risklərin artması, maliyyə-iqtisadi baxımdan isə qeyri-müəyyənliyin hökm sürməsi şəraitində hazırlanmışdır. Proqnoza görə 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat təşkil edəcək və ya cari ilə nisbətən 1 milyard 54 milyon manat və yaxud 5,7 faiz çox olacaqdır. Növbəti ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 32,5 faizi həcmində və yaxud 2014-cü illə müqayisədə 1,3 faiz çox olacaqdır. Vergilər Nazirliyinin xətti ilə 7 milyard 112 milyon manat, Dövlət Gömrük Komitəsi tərəfindən isə 1 milyard 590 milyon manat məbləğində dövlət büdcəsinə daxilolmaların təmin olunması gözlənilir. Bu, cari illə müqayisədə müvafiq olaraq 10 milyon manat və 80 milyon manat çoxdur. Dövlət Neft Fondunun transferti 10 milyard 338 milyon manat təşkil edəcək. Fondun transfertinin cari illə müqayisədə təxminən 1 milyon manat çox olması, əsasən, Cənub Qaz Dəhlizi layihəsində Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsinə dövlət tərəfindən şirkətin nizamnamə kapitalının artırılması yolu ilə dəstəyin verilməsi ilə əlaqədardır.
Vergilər Nazirliyinin xətti ilə vergilərin daxilolma mənbəsi üzrə strukturunda da dəyişikliklərin baş verməsi nəzərəçarpandır. Belə ki, cari illə müqayisədə qeyri-neft gəlirlərinin 512 milyon manat artacağı təqdirdə neft sektoru ilə bağlı vergi daxilolmalarının təxminən eyni məbləğdə və yaxud 502 milyon manat azalması gözlənilir. Dövlət büdcəsinin saldo daxilolmaları 48 milyon manat təşkil edəcəkdir. Nəticə etibarilə dövlət büdcəsinin 1 milyard 662 milyon manat məbləğində və yaxud ümumi daxili məhsulun 2,8 faizi səviyyəsində kəsiri proqnozlaşdırılır. Kəsirin örtülməsi vahid xəzinə hesabının qalığı, dövlət istiqrazlarının yerləşdirilməsi və özəlləşmədən daxilolmalar hesabına təmin olunacaqdır. 2015-ci ilin dövlət və icmal büdcəsinin gəlirlərinin proqnozlaşdırılması zamanı dünya iqtisadiyyatında cərəyan edən proseslər, ələlxüsus ABŞ dollarının digər dünya valyutalarına nisbətdə möhkəmlənməsi fonunda dünya xammal bazar-larında xammal qiymətlərinin ucuzlaşdırılması meyilləri diqqətlə izlənilmişdir. Dövlət büdcəsi layihəsində xam neftin satışından gəlirlərin hesablanması üçün 1 barrel neftin qiyməti 90 ABŞ dolları səviyyəsində və ya hazırkı bazar qiymətlərindən təxminən 12 dollar yüksək, cari ilin orta çəkili qiymətindən isə 18 dollar az götürülmüşdür.
Son 3 ay ərzində dünya bazarlarında neftin qiymətinin 20 faizdən çox azalmasına baxmayaraq, 2015-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulan xərclərin maliyyələşməsində problemlər gözlənilmir və neftin qiymətinin möv-cud səviyyədən də aşağı enməsi 2015-ci ildə xərclərin icrasına kəskin maneə yaratmayacaq. Bununla belə, etiraf olunmalıdır ki, bir tərəfdən dünya bazarlarında xam neftin təklifinin artması, digər tərəfdən isə qlobal iqtisadi artımın, əsasən də, Asiya ölkələrində artımın bir qədər səngiməsi səbəbindən xam neftə olan tələbatın azalması neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin bir müddət azalmasına səbəb olacaqdır.
Hesab edirik ki, bu səbəb dövri xarakter daşıyır və neftin qiymətinin uzun müddət aşağı səviyyədə qalması üçün tutarlı iqtisadi əsaslar çox azdır. Bununla belə, ortamüddətli dövrdə neftin qiymətinin aşağı, yəni 90 ABŞ dolları səviyyəsi altında qərarlaşması tərəfimizdən xərclərimizin gəlir imkanlarımızla daha sıx uzlaşdırılmasını tələb edəcəkdir. Bir daha qeyd etmək istərdim ki, 2015-ci il dövlət büdcəsi layihəsində nəzərdə tutulan xərclərin icrası üçün neftin qiymətinin hətta 60 ABŞ dollarınadək düşməsi ehtimalı belə hər hansı kəskin problem yaratmayacaq.
Hörmətli millət vəkilləri! İndi isə, icazənizlə, icmal büd-cənin göstəriciləri barədə qısa məlumatı diqqətinizə təqdim etmək istərdim. Azərbaycan Respublikasının 2015-ci il icmal büdcəsinin xərcləri 25 milyard 911 milyon manat, cari ilə nisbətən 1 milyard 467 milyon manat və yaxud 6 faiz çox proqnozlaşdırılır.
Dövlət Neft Fondunun büdcəsinin xərcləri 12 milyard 305 milyon manat və yaxud cari ilə nisbətən 9 faiz çox proqnozlaşdırılır.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 367 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2014-cü illə müqayisədə 4,6 faiz və yaxud 16 milyon manat çoxdur. Həmin xərclərin 81,2 faizi və yaxud 298 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşacaqdır.
Hörmətli millət vəkilləri, xanımlar və cənablar! 2015-ci il dövlət büdcəsi layihəsi dövlətimizin əsas vəzifələrinin həyata keçirilməsi, prioritet hədəf kimi əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsinin yüksəldilməsi, ölkəmizin hərtərəfli təhlükəsizliyinin möhkəmləndirilməsi və iqtisadi inkişafının stimullaşdırılması üçün maliyyə təminatı yaradır. Bunları nəzərə alaraq, hörmətli millət vəkilləri, sizi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş 2015-ci il dövlət büdcəsi layihəsini və sonrakı iş ili üçün icmal büdcənin əsas göstəricilərini bəyənərək qəbul etməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. İndi isə söz verilir Azərbaycan Respublikası iqtisadiyyat və sənaye na-zirinin müavini Sevinc Həsənovaya.
S.Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini.
Çox sağ olun. Hörmətli sədarət, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndərimiz Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan, liberal bazar iqtisadiyyatı prinsiplərinə söykənən, insan amilini əsas tutan çevik iqtisadi siyasəti nəticəsində davamlı iqtisadi artıma nail olunmuş, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində, sahibkarlığın və regionların inkişafında, əhalinin rifahının yüksəlməsində uğurlar əldə edilmişdir. Azərbaycanın dünyanın 40 ən rəqabət qabiliy-yətli iqtisadiyyatı olan ölkələr sırasına daxil olması və son 5 il ərzində MDB dövlətləri arasında ən rəqabət qabiliyyətli ölkə olması həyata keçirilən iqtisadi siyasətin ən bariz gös-təricisidir. Ölkə başçısının iqtisadiyyatın daha da qüdrətləndirilməsinə yönəlmiş qətiyyətli və düşünülmüş siyasəti ölkəmizin 2015-ci il və növbəti illərdə də hərtərəfli inkişafı üçün təməl yaratmışdır.
Hörmətli millət vəkilləri! Müzakirənizə təqdim olunan Azərbaycan Respublikasının 2015-ci il və gələn 3 il üzrə iqtisadi-sosial konsepsiya və proqnoz göstəriciləri dünya iqtisadiyyatının inkişaf meyilləri, ayrı-ayrı sektorlar üzrə ölkənin sosial-iqtisadi inkişafının mövcud vəziyyətinin təhlili, ortamüddətli dövrdə iqtisadi və sosial siyasətin prioritet istiqamətləri “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəfləri və ölkədə icra edilməkdə olan dövlət proqramları nəzərdən keçirilməklə hazırlanmışdır.
Konsepsiyanın əsas məqsədi iqtisadiyyatın davamlı və tarazlı inkişafına və xalqın rifahının daha da yaxşılaşdırıl-masına nail olmaqdan ibarətdir. Bu məqsədlərə nail olmaq üçün konsepsiyada 2015–2018-ci illər ərzində makroiqtisadi sabitliyin qorunması, milli iqtisadiyyatda rəqabət qabiliyyətinin yüksəldilməsi, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsi, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, regionların davamlı və tarazlı inkişafının və sosial yönümlü siyasətin davamlılığının təmin edilməsi kimi prioritet vəzifələr nəzərdə tutulmuşdur.
Hörmətli millət vəkilləri! Dünya iqtisadiyyatında gözlənilən meyillər haqqında mən məlumat vermək istərdim. Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən dünya iqtisadiyyatının artım tempinin 2014-cü ildə 3,3 faiz, 2015-ci ildə isə bir qədər yüksək olmaqla 3,8 faiz təşkil edəcəyi gözlənilir. Həmçinin inkişaf etməkdə olan ölkələr üzrə artım tempi 2014–2015-ci illər üzrə 4,4 faiz və 5 faiz, inkişaf etmiş ölkələr üzrə isə müvafiq olaraq 1,8 faiz və 2,3 faiz təşkil edəcəkdir. Bu proqnozların reallaşmasında bir sıra risklərin olacağı da gözlənilir. Valyuta Fondunun rəyinə əsasən əsas risk avrozonada davam edən borc problemi, burada gözlənildiyindən aşağı inflyasiya və hətta diflyasiya ehtimalı və bu səbəbdən də işgüzar fəallığın aşağı düşməsi olacaqdır. Həmçinin Amerika Birləşmiş Ştatları və Yaponiyanın dövlət borcunun və dövlət büdcəsi kəsirinin yüksək səviyyədə qalması da əsas risk kimi qiymətləndirilir. İnkişaf etməkdə olan ölkələr üzrə isə əsas risk kimi Çin iqtisadiyyatında potensial inkişaf artımının zəifləməsi ehtimalı, inkişaf etməkdə olan ölkələrdə kapital axınının güclənməsi, eləcə də Yaxın Şərq və Ukraynadakı gərgin siyasi vəziyyət göstərilir.
Bu günlərdə Böyük 20-liyin sammitində də dünya iqtisa-diyyatında, o cümlədən maliyyə bazarlarında geosiyasi gər-ginlikdən doğan risklərin qaldığı qeyd olunmuşdur. Dünya iqtisadiyyatının bərpasının ləng, qeyri-bərabər templə get-diyi və qarşıya qoyulan məqsədlərə tam nail olmağa imkan vermədiyi vurğulanmışdır. Dünya üzrə riskli inkişaf meyil-ləri nəzərə alınmaqla ortamüddətli dövrdə ölkəmizdə makroiqtisadi sabitliyin qorunması prioritet təşkil edəcəkdir. Belə ki, müsbət iqtisadi artım tempi, inflyasiyanın aşağı səviyyəsi, manatın məzənnəsinin sabitliyi, xarici borclanmaya, Samir müəllimin də qeyd etdiyi kimi, konservativ yanaşma, təbii balansda gözlənilən əhəmiyyətli müsbət saldo, strateji valyuta ehtiyatlarının həcmi və dinamikasına dair proqnozlar Azərbaycan iqtisadiyyatının ortamüddətli dövrdə makroiqtisadi dayanıqlığının davam edəcəyinə zəmin yaradır. Bu amillər nəzərə alınaraq növbəti il üçün manatın məzənnəsi sabit olaraq qəbul edilmiş, inflyasiya səviyyəsi isə 2,3 faiz proqnozlaşdırılmışdır.
Son illərdə yaradılmış iqtisadi potensiala əsaslanaraq 2015-ci ildə iqtisadi artım 4,4 faiz, növbəti 3 ildə isə ortaillik iqtisadi artım 5 faiz proqnozlaşdırılır. Karbohidrogen ehtiyatlarının hasilatı ölkə iqtisadiyyatının inkişafı üçün mühüm vasitə olaraq qalmaqdadır. Neft sektorundan hasilat gələn il 40,6 milyon ton, növbəti illərdə isə orta hesabla sabit olaraq 40 milyon ton proqnozlaşdırılır. Bununla da sabit neft hasilatı və dinamik inkişaf edən qeyri-neft sektoru hesabına neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin 2013-cü ildəki 43,4 faizdən 2018-ci ildə 28,7 faizədək azalması gözlənilir. Neftin 1 barelinin qiyməti gələn il və növbəti 3 il üçün proqnozlarımızda 90 ABŞ dolları qəbul edilmişdir. Bununla yanaşı, neftin qiymətinin son dəyişmələri nəzərə alınaraq digər ssenarilər də hazırlanmışdır. Məlumat üçün qeyd edim ki, hazırda 2015-ci il üçün xam neftin 1 barelinin qiyməti Beynəlxalq Valyuta Fondu tərəfindən 99,4 dollar, Dünya Bankı tərəfindən 95,7 dollar, Enerji Administrasiyası tərəfindən 101,7 dollar ətrafında proqnozlaşdırılır.
Hörmətli millət vəkilləri, dünyada etibarlı tərəfdaş kimi tanınan beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri tam və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr Avropanın enerji təhlükəsizliyi-nin təmin edilməsində mühüm rol oynayır. Cari ildə təməli qoyulmuş Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi də ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə müstəsna töhfə verməklə Azərbaycana əlavə dividendlər gətirəcəkdir. Hazırda qarşımızda duran başlıca məqsəd iqtisadiyyatın şaxələnməsinin genişləndirilməsi və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsidir. Belə ki, qeyri-neft sektorunun 2015-ci ildə 8,2 faiz, növbəti 3 ildə isə orta hesabla 7 faiz artacağı proqnozlaşdırılır. Bu sahədə əsas vəzifə ölkənin sənaye potensialının güclənməsi, xüsusən qeyri-neft sənayesinin inkişafı və mövcud imkanlardan səmərəli istifadə olunmasıdır.
Bildiyiniz kimi, 2014-cü il cənab Prezident tərəfindən sənaye ili elan olunmuş, bununla bağlı müvafiq tədbirlər planı da təsdiq edilmişdir. Yalnız cari ildə ölkədə 30-dək orta və iri sənaye müəssisəsi açılmış, mövcud sənaye müəs-sisələrinin istehsal gücü genişləndirilmişdir. Bu müəssisələr arasında Norm sement zavodu, Azərbaycan kağız və karton istehsalı kombinatı, Sumqayıtda yağ fabriki, Sumqayıt mis emalı zavodu, Sumqayıt tekstil parkının yeni fabrikləri, Suraxanı Günəş elektrik stansiyası, Qəbələ Qida şəhərciyi, Ağdaşda yem emalı və quru meyvə istehsalı müəssisələri, müxtəlif regionlarda istismara verilmiş kərpic, asfalt, metal konstruksiya və çörək zavodları, meyvə-tərəvəz emalı müəssisələrini qeyd etmək olar. Bundan başqa, hazırda dövlətin güzəştli kreditləri hesabına özəl sektor tərəfindən 30-dan çox sənaye müəssisəsi yaradılmaqdadır. Sumqayıt kimya-sənaye parkı, Balaxanı sənaye parkı və yüksək texnologiyalar parkının təşkili istiqamətində ardıcıl işlər görülür. Bundan əlavə, Gəncədə metallurgiya yönümlü, Mingəçevirdə isə yüngül sənaye profilli sənaye parklarının yaradılması üzrə işlər aparılır. Sənaye parklarının yaradılması yeni iş yerlərinin açılmasına, investisiyaların cəlb olunmasına və daxili istehsalın artırılmasına səbəb olmaqla bütövlükdə regionların inkişafına öz töhfəsini verəcəkdir. Bununla yanaşı, cari ildə ölkə başçısı tərəfindən sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında da fərman imzalanmışdır. Sənaye məhəllələrinin fəaliyyətinin təşkili, iqtisadiyyatın hərtərəfli inkişafının sürətləndirilməsi, ölkədə rəqabətə davamlı sənaye məhsulları istehsalının daha da artırılması, yerli ehtiyatlardan səmərəli istifadə edilməsi ilə regionlarda özəl sektorun inkişafı üçün əlavə imkanlar və şərait yaradılacaqdır.
Son illərdə sənayenin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq əhəmiyyətli dərəcədə azalmışdır. Ölkə başçısının tapşırığı ilə qida sənayesi ilə yanaşı, tikinti materialları istehsalı sahəsində də daxili tələbatın ödənilməsi istiqamətində mühüm işlər görülmüş, yeni istehsal gücləri istifadəyə verilmişdir. Belə ki, sement, gips, gips-karton lövhə, hörgü blokları, metal konstruksiyalar, lak boya üzrə istehsal gücləri daxili tələbatı tam ödəməyə imkan verir. Qeyd olunan işlərin nəticəsi olaraq bütövlükdə qeyri-neft sənayesi üzrə 2015-ci ildə 7,6 faiz, növbəti 3 ildə isə orta hesabla 7,8 faiz artıma nail olunacağı proqnozlaşdırılır.
2015–2018-ci illərdə tikinti materiallarının istehsalında ortaillik tempin 8,1 faiz, metallurgiya sənayesində 11,9 faiz, Gəmiqayırma zavodunun fəaliyyəti hesabına maşın və avadanlıqların quraşdırılması və təmiri sahəsində 14,6 faiz olacağı proqnozlaşdırılır. Qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd, meşə və balıqçılıq təsərrüfatı üzrə riskli hava şəraiti fonunda 2015-ci ildə 3,5 faiz artım proqnozlaşdırılır. Bu zaman aqrar sektora dövlət dəstəyi tədbirlərinin davam etdiriləcəyi, sahənin idarəetmə sisteminin təkmilləşdiriləcəyi, kənd təsərrüfatında yararlı torpaqlardan və su resurslarından səmərəli istifadə olunacağı, intensiv metodların və müasir texnologiyaların tətbiqinin sürətləndiriləcəyi, yeni aqrar komplekslərin istifadəyə veriləcəyi nəzərdə tutulur. Bu istiqamətlərdə dövlətin dəstəyi ilə respublikanın 12 rayonunda, Ziyad müəllimin də qeyd etdiyi kimi, 30 min hektar sahədə 19 iri fermer təsərrüfatının yaradılmasına başlanılmışdır. Bu məqsəd üçün dövlət 47,3 milyon manat dəyərində güzəştli kredit vermişdir. Bunlardan Ağcabədi və Beyləqan rayonlarında yaradılmış özəl pilot taxılçılıq təsərrüfatında ölkə üzrə orta göstəricidən 2 dəfə çox məhsuldarlıq əldə olunmuşdur. Əhalinin ərzaq təminatının yerli istehsal hesabına daha da yaxşılaşdırılması məqsədilə istifadəyə verilmiş Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin əhatə etdiyi Xızı rayonunda aqroparkların yaradılması məqsədilə baş planın hazırlanmasına başlanılmışdır. Yeni baş plan ərazinin kompleks inkişafı proqramını özündə əks etdirəcəkdir. Bununla yanaşı, Şəmkirçay üzərində dəryaçanın tikintisi layihəsinin tamamlanması yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasına şərait yaradacaqdır.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cə-nab İlham Əliyevin iştirakı ilə Şəmkirdə özəl pilot aqropar-kın da təməli artıq qoyulmuşdur. Ümumiyyətlə, aqropark-larda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, logistik xidmətlərin göstərilməsi və son mərhələdə hazır malların satış üçün ölkə bazarına çıxarılması və ən mühümü ixrac edilməsi zəncirinin təşkili nəzərdə tutulub.
Hörmətli millət vəkilləri, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına müsbət təsiri baxımından xidmət sahələrində keyfiyyətin yüksəldilməsi prioriteti saxlanılacaqdır. 2015-ci ildə xidmətlər sektorunda 8,1 faiz, növbəti 3 ildə isə orta hesabla 8 faiz artım gözlənilir. Bu sektorun ümumi daxili məhsulda payının 2013-cü ildəki 30,2 faizdən 2018-ci ildə 38,6 faizə qədər artacağı proqnozlaşdırılır ki, bu da iqtisadiyyatın diversifikasiyasının göstəricisidir.
Ölkədə turizm potensialından səmərəli istifadə etməklə yeni müasir standartlara cavab verən mehmanxanaların tikilməsi, Qusarda Şahdağ və Qəbələdə Tufandağ qış-yay turizm komplekslərinin istifadəyə verilməsi, 2015-ci ildə İlk Avropa Oyunlarının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu gücləndirməklə turizm xidmətlərindən əldə olunan gəlirlərin artımına səbəb olacaqdır. Bunun da nəticəsində 2015–2018-ci illər ərzində turizm sektoru orta hesabla 23,5 faiz artaraq ən dinamik inkişaf edən sahələrdən birinə çevriləcəkdir.
İnformasiya və rabitə sektorunda da dinamik artım davam edəcəkdir. Belə ki, 2015-ci ildə bu sahədə 12,1 faiz, növbəti 3 ildə isə orta hesabla 12 faiz artım proqnozlaşdırılır. İKT sahəsində Azərbaycanın yeni telekommunikasiya və aşağı orbitli müşahidə peyklərinin orbitə çıxarılması, yaradılmış yüksək texnologiyalar parkında elm tutumlu və nanotexnologiya məhsullarının buraxılması, elektron xidmətlərin və internet trafikinin genişləndirilməsi bu sahədə yeni imkanlar yaradacaqdır. Qeyd olunmalıdır ki, Azərbaycanın orbitə buraxılmış ilk telekommunikasiya peykinin tutumlarının əsas hissəsi kommersiya istifadəsinə verilməklə onun istismarından indiyə qədər 19 milyon dollardan çox vəsait əldə edilmiş-dir. Növbəti illərdə həmin xidmətlərin göstərilməsindən əldə olunacaq vəsaitin artırılması proqnozlaşdırılır. Nəqliy-yat sektorunda regional və yerli əhəmiyyətli iri infrastruktur layihələrin reallaşdırılması, o cümlədən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, TRASEKA və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində avtomobil yollarının tikintisi və yenidən qurulması, yeni metro stansiyaları və beynəlxalq hava limanlarının istifadəyə verilməsi ortamüddətli dövrdə nəqliyyat sektorunun artımını təmin edəcəkdir. Belə ki, gələn il bu sahədə 7,5 faiz, növbəti 3 ildə isə orta hesabla 7,6 faiz artım gözlənilir.
Ticarətdə 2015-ci ildə 12,5, növbəti 3 ildə isə orta hesabla 10,6 faiz artım nəzərdə tutulur. Xarici ticarətin müsbət saldosunun 2015–2018-ci illər ərzində orta hesabla 16,7 milyard dollar təşkil edəcəyi də proqnozlaşdırılır. Qeyri-neft ixracının 2015-ci ildə 24,7 faiz, sonrakı 3 ildə isə orta hesabla 20 faizdən yuxarı olacağı proqnozlaşdırılır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olan ixrac yönlü iqtisadi model əsas götürülərək qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə xarici ticarətdə daha əlverişli şəraitin təmin edilməsi, bu məhsulların potensial bazarları olan ölkələrdə ixrac imkanlarının və sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir.
Kənd təsərrüfatı məhsullarının ixracının artırılması məqsədilə artıq Qazaxıstanın Aktau şəhərində Logistik mərkəzin tikintisinə başlanılmışdır. Belə mərkəzlərin digər ölkələrdə də yaradılması nəzərdə tutulur.
Hörmətli millət vəkilləri, ortamüddətli dövrdə sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən olacaqdır. Sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, özəl sektora dövlətin dəstəyinin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi və əsassız müdaxilələrin qarşısının alınması diqqətdə saxlanılacaqdır. Bu sahədə cari ilin mart ayında ölkə başçısı tərəfindən imzalanmış “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasına birbaşa təsir edən sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, tikintiyə icazələrin verilməsi, elektrik təchizatı şəbəkəsinə qoşulma, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı, idxal, ixrac əməliyyatları üzrə prosedurlara vaxt sərfi və məsrəfləri azaltmaqla ölkəmizə investisiyanın cəlb edilməsini artıracaqdır. Həmçinin Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xətti ilə verilən güzəştli kreditlər, aqrolizinq vasitəsilə lizinqə verilən texnikalar, Azərbaycan investisiya şirkətinin qeyri-neft sektoruna qoyduğu investisiyalar və Azərbaycanda ixracın və investisiyaların təşviqi fondunun ölkənin investisiya mühitinin tanıdılması ilə bağlı həyata keçirdiyi tədbirlər sahibkarlığın inkişafının sürətlənməsində və regionların inkişafında mühüm rol oynayacaqdır.
Ortamüddətli dövrdə ölkə iqtisadiyyatının dinamik inkişafını şərtləndirən əsas amillərdən biri də burada qeyd olunduğu kimi, investisiyalar olacaqdır. Gələn il investisiya qoyuluşları 5 faiz artaraq 19,8 milyard manat, o cümlədən xarici investisiyaların 5,4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. 2015-ci ildə neft sektoruna 5,8 milyard manat, qeyri-neft sektoruna isə 14 milyard manat investisiya yatırılacağı gözlənilir. 2015-ci ildə dövlət investisiya proqramı çərçivəsində 8,4 milyard manat, o cümlədən infrastruktur sahələrinin icrasına 5,1 milyon manat, sosial yönlü layihələrə 2,7 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Proqram layihəsinə əsasən və hörmətli Ziyad müəllimin də qeyd etdiyi kimi, icrası davam edən layihələrin başa çatdırılması prioritet olacaqdır. Eyni zamanda, infrastruktur, o cümlədən nəqliyyat, su ehtiyatları və irriqasiya, energetika və sənaye, ekologiya, kənd təsərrüfatı, eləcə də sosial yönlü layihələrə, o cümlədən təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin təmiri və tikintisinə, əlil və şəhid ailələri üçün yaşayış evlərinin tikintisinə, qaçqın və məcburi köçkünlərin sosial yaşayış şəraitinin yaxşılaşdırılmasına, kənd yollarının tikintisinə üstünlük verilmişdir.
Hörmətli millət vəkilləri, növbəti illərdə də əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi dövlətin davamlı olaraq iqtisadi siyasətinin ana xəttini təşkil edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu bizim siyasətimizdir ki, sadəcə olaraq, iqtisadi islahatlar ilə məşğul olmamalıyıq. Biz sosial sahəyə də diqqət göstərməliyik. Bu baxımdan növbəti illərdə əhalinin səmərəli sosial müdafiə sisteminin inkişaf etdirilməsi, aztəminatlı ailələrə dövlət qayğısının artırılması, yeni iş yerlərinin açılması, sosial sahələrdə xidmətlərin keyfiyyətinin yüksəldilməsi kimi tədbirlər davam etdiriləcəkdir. Bu tədbirlərin nəticəsi olaraq 2015-ci ildə orta aylıq əmək haqqının 4,8 faiz artaraq 485,5 manata, 2018-ci ilə qədər isə 589,3 manata çatacağı proqnozlaşdırılır. 2015-ci ildə yaşayış minimumu 131 manat təşkil edəcəkdir. Yaşayış minimumunun artması ilə yanaşı, minimum əmək haqqının da artırılması planlaşdırılır ki, bu da inkişaf konsepsiyasında minimum sosial standartların artırılması siyasətinə uyğun olaraq aparılacaqdır.
Hörmətli millət vəkilləri, bütün qeyd edilənlər Azərbay-can Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən sosial-iqtisadi siyasətinin gələcək uğurların əsası olduğunu bir daha sübut edir. Əldə olunmuş bu nailiyyətlər və davamlı inkişaf üçün yaradılmış münbit şərait və potensial Azərbaycanın növbəti ildə də mürəkkəb xarici amillərdən qorunmasına və qarşıya qoyulmuş hədəflərə nail olmasına təminat yaradacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Sevinc xanım. İndi söz verilir Mərkəzi Bankın sədri cənab Elman Rüstəmova. Buyurun, Elman müəllim.
E.Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında 10 ildən artıq bir müddətdə həyata keçirilən elmi-iqtisadi strategiya olduqca mürəkkəb bir dövrdə öz həyatiliyini, yüksək effektivliyini sübut edir. Bu dövrdə 3 dəfədən çox böyüyərək dünya iqtisadi artım liderinə çevrilən milli iqtisadiyyatımız cari ildə də dinamiklik, dayanıqlıq və sabitlik nümayiş etdirir.
2015-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi dünya iqtisadiyyatında qeyri-müəyyənliyin və qeyri-sabitliyin artdığı bir dövrə təsadüf edir. Əksər qabaqcıl ölkələrdə iqtisadi artımı canlandırmaq üçün ciddi səylər göstərilir, aparıcı ölkələrdə son illərdə dövlət xərclərinin ixtisarı, fiksal konsolidasiya, proseslərin həyata keçirilməsi büdcə kəsirinin və dövlət borclarının normallaşmasına imkan versə də, bunun qiyməti iqtisadi artım dinamikasının itirilməsi oldu və bu haqda həm hörmətli maliyyə naziri, həm də hörmətli Sevinc xanım artıq danışdı.
Geosiyasi vəziyyətin gərginləşməsini nəzərə alaraq Beynəlxalq Valyuta Fondu və dünyanın digər mərkəzləri bir çox ölkələr üzrə artım proqnozlarını aşağı salmışdılar. İnkişaf etmiş ölkələr üzrə aprel ayındakı proqnoz dəyişməyib, cari il üçün 1,8 faiz təşkil edir. İnkişaf etməkdə olan ölkələr üçün isə proqnoz əhəmiyyətli surətdə aşağı salınmışdır. Cari ildə dünya bazarlarında əmtəə qiymətlərinin düşməsi müşahidə olunur. Ötən 9 ayda qlobal əmtəə qiyməti indeksi 8 faizdən çox artmışdır, o cümlədən ərzaq qiymətləri indeksi 8,5 faiz, metal qiymətləri 10 faizə yaxın azalmışdır. Bizim Azərbaycanın makroiqtisadiyyatı üçün ən maraqlı olan neftin qiyməti isə təxminən 20 faizdən çox ucuzlaşmışdır. Burada həm OPEK üzvü olmayan ölkələrdə neft hasilatının artması, digər tərəfdən isə əsas neft istehlakçılarında istehlakın səviyyəsinin aşağı düşməsi, yəni iqtisadiyyatın hər iki kanalı – həm tələb, həm də təklif kanalı neftin qiymətinin aşağı düşməsini şərtləndirir.
Öz çıxışımın əsas məğzinə keçmədən öncə diqqət mərkə-zində olan bu çox mühüm məsələyə mən də öz münasibətimi bildirmək istəyirəm. Bu haqda mənim həmkarlarım tərəfindən kifayət qədər danışıldı. Sadəcə olaraq, qeyd eləmək istəyirəm ki, elmdə, təcrübədə iki əsas davranış modeli mövcuddur. Bunların birinə praktik davranış, digərinə kontrtsiklik davranış deyirlər. Sadə dildə praktik davranış o deməkdir ki, əgər bu gün neftin qiyməti yuxarıdırsa və ya maliyyə institutunun vəziyyəti yaxşıdırsa, o, kifayət qədər çox pul xərcləyir, yəni sabahı haqqında düşünmür. Amma kontrtsiklik davranış ondan ibarətdir ki, əgər qiymətlər yuxarıdırsa, ölkə və ya maliyyə institutu yaxşı gəlir götürürsə, o, kifayət qədər ehtiyatlanmalı və səhəri düşünməlidir. Lap çoxdan, hətta marksizm dövründən məlumdur ki, iqtisadi tsikllər var, iqtisadiyyat inkişaf edir, iqtisadi artımlar tənəzzül və dur-ğunluqla müşahidə olunur. Məhz son 10–15 ildə Azərbaycan iqtisadiyyatında kontrtsiklik davranışların bütün elementlərinin olması, ilk növbədə iqtisadi inkişafın kifayət qədər maliyyələşdirilməsi, Azərbaycanın götürdüyü neft gəlirləri ilə ölkənin başlıca sosial-iqtisadi və infrastruktur problemlərinin həll olunması ilə yanaşı, ölkənin çox yüksək yığım səviyyəsi, yaratdığı strateji ehtiyatlar Azərbaycan hökumətinə imkan verir ki, neftin qiymətində olan tərəddüdləri nəzərə almaqla ölkənin iqtisadi inkişaf sürətini səngitməsin, maliyyələşdirilməli layihələrin və götürülmüş sosial öhdəliklərin maliyyələşdirilməsini davam etdirsin. 2015-ci il dövlət büdcəsi haqqında bunu demək olar. Eyni zamanda, qeyd olunduğu kimi, neftin qiymətlərinin uzun müddətə aşağı düşməsi üçün kifayət qədər əsaslı və fundamental səbəblər yoxdur. Məhz dünyanın aparıcı mərkəzlərindən biri olan Beynəlxalq Valyuta Fondu gələn il üçün neftin qiymətlərini təxminən 90 dollar səviyyəsində görür. Əgər tarixə qayıtsaq, mənim yaxşı yadımdadır, 1998-ci ildə neftin qiyməti təxminən 8 dollara düşmüşdü və bu, Azərbaycan neftinin maya dəyəri səviyyəsində idi. 2008-ci ildə isə neftin qiyməti təxminən 150 dollardan qısa bir müddətə 35 dollar səviyyəsinə düşdü. Bu çox qısa müddət davam etdi. Hər iki halda Azərbaycan iqtisadiyyatı dayanıqlıq və sabitlik nümayiş etdirdi. Əminəm ki, bu dəfə də neftin qiymətində olan tərəddüdlərə baxmayaraq, artıq möhkəmlənmiş Azərbaycan iqtisadiyyatı bu proseslərə kifayət qədər yüksək dayanıqlıq nümayiş etdirəcəkdir. Bunu ilk növbədə ölkənin sağlam iqtisadi göstəricisi, sonra da xarici mövqeyi göstərir.
Mürəkkəb qlobal mühitə baxmayaraq, ölkənin xarici iqtisadi mövqeyi bu gün də əlverişlidir. Cari ilin 9 ayında xarici icarə balansı profisitlidir və ötən dövrlə müqayisədə bu profisit təxminən 9 faiz artmışdır. Azərbaycanda ixrac idxalı 2,7 dəfə üstələmişdir. Siz bilirsiniz ki, bir çox ölkələr üçün ən böyük problem xarici balansın, yəni xarici icarə balansının defisitli olmasıdır və xarici borcun da toplanmasının əsas kanallarından biridir. Cari ildə də cari hesabın profisitliyi qalacaqdır və bu, təxminən ümumi daxili məhsulun 14–15 faizi səviyyəsində olacaqdır.
Bizim hesablamalarımız göstərir ki, hətta neftin qiymə-tinin 60–70 dollara düşdüyü şəraitdə də Azərbaycan Res-publikasının tədiyə balansı profisitli olacaqdır. Yəni bizim gəlirlərimiz xərclərimizdən daha çox olacaqdır. Strateji valyuta ehtiyatları 2014-cü ilin 9 ayında 3,5 milyard artaraq təxminən 54 milyard Amerika Birləşmiş Ştatları dollarına yaxınlaşıb. Bu, Azərbaycan iqtisadiyyatı heç nə ixrac etməsə belə, təxminən 3 il ərzində ölkəni idxalla təmin etmək səviyyəsindədir. Ölkənin strateji ehtiyatlarının ümumi daxili məhsula olan nisbəti 70 faiz olmaqla dünyada 20 ölkədən biriyik. Bu dövr ərzində Mərkəzi Bankda valyuta maraqları 6 faizdən çox artmışdır və bu gün bu, 15 milyard Amerika Birləşmiş Ştatları dollarına yaxındır. Bu bizim dövriyyədə olan manat kütləsindən əhəmiyyətli dərəcədə çoxdur, yəni bu gün Mərkəzi Bank bütövlükdə dövriyyədə olan bütün manat kütləsini konvertasiya eləmək imkanına malikdir. Bu, Azərbaycan milli valyutasının sabitliyinin ən ciddi əsaslarından biridir. Ölkədə iqtisadi artım davam edir, iqtisadi şaxələnməni təmin edən və iqtisadiyyatın əsas aparıcı qüvvəsi, lokomotivi olan qeyri-neft iqtisadiyyatı artıb.
Azərbaycan iqtisadiyyatın həcminə görə bu gün dünyanın 70 dövlətindən biridir. Ölkəmiz həm də yoxsulluğun ən aşağı olduğu 25 ölkədən biridir. Cari ildə də iqtisadi artım davam edəcəkdir və bütövlükdə iqtisadi artımın təxminən 2,5 faiz səviyyəsində olacağı gözlənilir. İqtisadi artımda daxili tələb, xüsusilə də ölkənin investisiya fəallığı mühüm rol oynayır və daxili tələbin strukturunda dövlət xərclərinin ümumi payına malikdir. Cari ilin 9 ayında əsas kapitala yönəldilmiş vəsaitlərin 35 faizini məhz büdcə vəsaitləri təşkil etmişdir və Azərbaycanın dövlət büdcəsi bu gün iqtisadi artımı təmin edən əsas amillərdən biridir. 2014-cü ildə ölkədə inflyasiya proqnozlaşdırılandan da aşağı səviyyədə olmuşdur. Dünya iqtisadi forumunun son hesabatına görə öz rəqabətlilik mövqeyini daha da yaxşılaşdırmış Azərbaycan dünyada inflyasiyanın səviyyəsinə görə ən aşağı ölkədir. Orada şifrlərlə gedir, Azərbaycanın şifri 01-dir. Ötən 9 ayda ortaillik inflyasiya əvvəlki ilə nəzərən 0,8 faiz bənd azalaraq 1,5 faiz təşkil etmişdir, yəni ölkənin rəqabət qabiliyyətini təmin edən əsas göstəricilərdən biri bizim əsas ticarət tərəfdaşlarımızda olan inflyasiyadır. Bu ölkələrdə orta inflyasiya təxminən 4,3 faiz təşkil edir və Azərbaycana həmin ölkələrlə müqayisədə rəqabət üstünlüyü verir. Əhalinin pul gəlirinin artımı inflyasiya tempini təxminən 4 faiz üstələyir. Hazırda Azərbaycanda inflyasiya inkişaf etmiş ölkələrdəki səviyyədədir. 2014-cü ilin sonuna ortaillik inflyasiya inkişaf etmiş ölkələr üzrə 1,6 faiz, inkişaf etməkdə olan ölkələr üzrə isə 5,5 faiz səviyyəsində gözlənilir. 2014-cü ilin 9 ayında xarici iqtisadiyyat tərəfdaşlarımızda artıq qeyd elədiyimiz kimi, inflyasiya 5 faizə yaxındır. Tədiyə balansının praktiki şəraitindən Mərkəzi Bank 2012-ci ilin ötən dövründə də manatın məzənnəsinin sabitliyini təmin etmişdir.
Siz bilirsiniz ki, bizim əsas ticarət tərəfdaşlarımızda, qonşularımızda son dövrlərdə milli valyuta ciddi devalva-siyaya uğramışdı. Biz bəzi təkliflər də eşidirik ki, Azərbaycanın milli valyutasını devalvasiya eləməliyik. Lakin həm tarixi baxımdan, həm də məntiqi baxımdan artıq elmi cəhətdən də, təcrübi cəhətdən də sübut olunub ki, devalvasiya çox qısamüddətli bir üstünlük yarada bilər və sonradan, digər qiymətlərin artımı nəticəsində dövlət, milli iqtisadiyyat bu üstünlüyü itirəcəkdir.
Bir daha tarixə qayıtmaq istəyirəm. 1998-ci ildə öz milli valyutasını yenicə denominasiya eləmiş Rusiyada böhran oldu və qısa bir müddətdə 1 dollar 6 rubl oldu. Bu, 24 rubla çıxdı və çox qısa bir müddətdə Rusiya iqtisadiyyatı, – bizim yadımızdadır, bu, təxminən 6–8 ay çəkdi, – özünün əldə etdiyi üstünlüyünü itirdi, çünki qiymət artımı oldu, xərclər artdı.
Cənab Prezident həmişə milli valyutanın məzənnəsinin sabitliyindən danışanda, təbii, ilk növbədə əhalinin sosial vəziyyətini, əmanət və yığımları, aktivləri nəzərə alır. İlk növbədə yadda saxlamaq lazımdır, devalvasiyada həm inflyasiya vasitəsilə, həm də aktivlərin, əmanətlərin azalması səviyyəsində ən birinci itirən əhali olur. Bu gün bizim məzənnəmiz tam sabitdir, manat çox güclü bir regional valyuta kimi özünü təqdim edir. Bizdə olan məlumata görə manat hətta bir sıra xarici dövlətlərdə də qəbul olunur. Hesab edirik ki, ilin axırına qədər də, bundan sonrakı dövrdə də milli valyutamızın sabitliyi təmin ediləcəkdir. Mərkəzi Bank inflyasiya səviyyəsini nəzərə alaraq pulun qiymətinin faiz dərəcələrini aşağı salma siyasətini həyata keçirir. Cari ildə Mərkəzi Bank uçot dərəcəsini 4,75 faizdən 3,25 faizə endirmişdir. Əsas məqsəd ölkədə faiz dərəcələrinin azaldılması, maliyyə sabitliyinin qorunmasıdır. Bank sistemində həm böhran dövründə, həm də sonrakı dövrdə inkişaf və sabitlik davam edir.
Bu günlərdə kitab oxuyurdum, – son nəşrlərdən biri idi, – bir rəqəm gördüm, aparıcı ölkələr 2008-ci ildən bəri ölkə-lərinin bank sektorunun sabitləşdirilməsinə təxminən 8 trilyon dollar xərcləyiblər. Bu rəqəm mənim üçün yeni deyildi, amma müqayisə mənim üçün yeni oldu ki, bu, İkinci dünya müharibəsində bütün müttəfiqlərin alman faşizmi üzərində qələbəsinə sərf olunan vəsait həcmində idi. Olduqca böyük bir rəqəmdir. Azərbaycanın bank sektoruna böhran dövrlərində kiçik bir yardım göstərildi və bu gün həmin yardım banklar tərəfindən geri qaytarılmışdır. Hətta böhran illərində də Azərbaycanın bank sektoru inkişaf edir. Bankların birinci əsas göstəricisi olan kapitallaşma səviyyəsi bu gün 18 faizdir, yəni onların bütün aktivləri öz kapitalları ilə 18 faiz səviyyəsində təmin olunub. Xüsusilə də biz bankların minimum kapitala olan tələbini 2012-ci ildə 50 milyon manata qaldırdığımızdan bəri bank kapitalı bankların vəsaitinin ən aktiv artan hissəsinə çevrilib 83 faizə çatmış və 1,8 dəfə artmışdır. Hazırda təxminən bank aktivlərinin 90 faizini əhatə edən banklar həmin bu normaya əməl edirlər, bizim proqnozumuz mənim əvvəlcədən mətbuatda qeyd etdiyim kimi, bu göstəricinin 99 faizə çatacağını göstərir. Bir neçə zəif, problemli bankla biz iş aparacağıq, lakin burada başqa ölkələrdən fərqli olaraq diqqətdə saxladığımız məsələ əhalinin əmanətləri məsələsidir. Bankların restrukturizasiyası heç cür əhalinin mənafeyinin, əmanətlərinin ziyan çəkməsi hesabına aparıla bilməz və bu məsələdə bizim kifayət qədər çevikliyimiz olacaqdır. Sektorun likvidliyi kifayət qədərdir. Yəni banklarda kifayət qədər vəsait var, normadan iki dəfə çoxdur. Burada əmanətlər haqqında deyilir ki, əmanətlərin artım tempi aşağı düşüb. Bəli, belə bir problem var, cari dövrdə əmanətlər cəmi 9 faiz artıb, yəni əvvəlki dövrlərə nisbətən aşağıdır, amma ümumi iqtisadi artım dinamikasından 2,5 faiz, təxminən 3–4 dəfə çoxdur. Digər tərəfdən bankların faiz dərəcələrinin aşağı salınması, –banklarda artıq pullar var, kifayət qədər likvidlik var, – onu göstərir ki, əhali daha alternativ şəkildə öz vəsaitlərini yerləşdirmə kanalları axtarır və bu, məqbuldur, bazarda belə kanallar var, əhalinin, görünür, maliyyə savadlılığı artıb və öz vəsaitlərini daha şaxələşmiş halda yerləşdirməyə çalışır.
Mühüm məsələlərdən biri maliyyə xidmətlərinə çıxış im-kanlarıdır. Ölkənin maliyyə sektoru 1995-ci ildən bəri təxminən 24 dəfə artıb, bu gün 23,5 milyarda gəlib çatıb. Çox mühüm göstəricilərdən biri ölkənin iqtisadiyyatının maliyyə dərinliyidir. Maliyyə dərinliyi deyəndə bütövlükdə bank aktivlərinin ümumi daxili məhsula olan nisbəti götürülür və resursla zəngin olan ölkələrdə, adətən, bu göstərici həmin aktivlərin qeyri-neft sektoruna olan nisbəti kimi götürülür. Çünki biz bilirik ki, neft sektorumuz həm dövlət xətti (orada olan investisiya layihələri), həm də xarici investorlar vasitəsilə kifayət qədər maliyyələşdirilir və burada maliyyə dərinliyi həddindən artıq böyükdür.
Bu göstərici Azərbaycanda bu gün 78 faizə bərabərdir və bu, orta inkişaf göstəricisi hesab olunur. Yaxşı inkişaf gös-təricisi təxminən 100 və 100 faizdən yuxarı hesab olunur. Misal üçün, deyə bilərəm ki, Türkiyədə bu göstərici 91 faizə, Rusiyada 74 faizə çatır, Qazaxıstanda isə 48 faizdir. Bizim hədəfimiz yaxın illərdə ölkədə iqtisadiyyatın maliyyə dərinliyini məhz 100 faizdən yuxarı çatdırmaqdır. Cari ildə də bank kreditləri 15 faiz artmışdır. Burada əsas məsələlərdən biri bildiyiniz kimi, cari ildə istehlak kreditlərinin artımının tənzimlənməsi istiqamətində gördüyümüz tədbirlərdir.
Bu tribunadan istifadə edib bir daha Mərkəzi Bankın mövqeyini bildirmək istəyirəm. Banklar, əhali və dövləti təmsil edən, dövlət tənzimləmə institutu olan Mərkəzi Bankın simasında dövlət bu məsələlərdə balanslı mövqenin tərəfdarıdır. Burada əhalinin, təbii ki, tələbatı var, bu kreditləri götürmək istəyir. Lakin biz bilirik ki, maliyyə savadlılığının yüksək olmadığı şəraitdə əhalinin həddən artıq borclanması, bir sıra ölkələrin timsalında bunu görmüşük, hansı fəsadlara gətirib çıxara bilər. Banklarla dialoqumuzda onlara göstəririk ki, banklar təkcə öz vəsaitləri ilə yox, həm də ictimai fondlarla işləyirlər, yəni yenə də mərkəzə əhali gəlir, onun əmanətləri, maraqları gəlir və onlarla işləyirlər, onlarla çalışırlar. Bankların pul qazanmaq xatirinə belə bir ekspansiyaya yol verməsi son nəticədə gətirib ona çıxara bilər ki, banklar öz stabilliyini itirə bilər. Dövlətin isə borcu həm əhalinin, həm də biznesin, bankların mənafelərini qorumaqdır və bizim gördüyümüz tədbirlər bu sahəni sabitləşdirməyə gətirib çıxardı.
Cari ilin 9 ayında istehlak kreditlərinin artım tempini biz iki dəfə aşağı salmışıq. Keçən il təxminən 30 faizə yaxın artmışdı, bu gün isə 15 faizə düşüb və bu, bütövlükdə biznes kreditləşmənin artım tempinə bərabərdir. Belə bir rəqəmi diqqətinizə çatdırmaq istəyirik ki, bankların portfelinin təxminən 73 faizi biznes-kommersiya kreditləridir, 27 faizi isə istehlak kreditləridir. Bunun da əhəmiyyətli bir hissəsi ipoteka kreditləşməsi nəzərə alınmaqla 18 faizə çatır və Avropa Yenidənqurma və İnkişaf Bankına daxil olan keçid ölkələri üzrə isə bu göstərici təxminən 30 faizdir. Yəni biz orta keçid dövrünü yaşayan ölkələr səviyyəsindəyik. Bundan sonra da bizim görəcəyimiz işlər məhz bu balansı qoruyub saxlamaqdır.
Büdcə müzakirələrində mən bilirəm ki, ipoteka kreditləşməsi diqqət mərkəzində olub. Ona görə bu məsələyə də toxunmaq istəyirəm. Bilirsiniz ki, İpoteka Fondu Mərkəzi Bankın nəzdində fəaliyyət göstərir. İlk növbədə mən həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm ki, mürəkkəb dövrdə və maliyyə ilində ipoteka kreditinə ayrılan vəsait 10 milyon manat artırılmışdır. Bu, olduqca ciddi artımdır. Nəzərə alsaq ki, bu, 40 milyon idi, təxminən 50 milyona çatdırılmışdır. Hesab edirəm ki, bu çox düzgün addımdır. Lakin bütövlükdə ölkədə ipoteka portfeli 1 milyard manatdır. Yəni əhaliyə 1 milyarddan artıq ipoteka kreditləri verilmişdir. Bunun təxminən 600 milyonu İpoteka Fondu xətti ilə verilmişdir. Dövlətin ayırdığı vəsaitlər və bunun içərisində fondun özünün bazardan cəlb elədiyi vəsaitlər də var. Qalan 400 milyona yaxın vəsait isə bankların öz vəsaitləri hesabına verilmişdir. Bütövlükdə bu günə 15 min 400 ailə İpoteka Fondu vasitəsilə kredit almışdır.
Lakin bütün dünya təcrübəsinə baxsaq, görərik ki, bütövlükdə ipoteka, əhalinin tam şəkildə ipoteka kreditləri ilə təmin olunması dövlətin, hökumətin qayğısı deyil, bu, hökumətin də, Mərkəzi Bankın da funksiyası deyil. Burada, ipoteka kreditləşməsi sahəsində dövlətin rolu məhz imkansız, yüksək faizlərlə kredit ala bilməyən əhaliyə yardım etməkdir ki, bunu da bizim hökumətimiz və dövlətimiz edir. Bu köməyin həcmi barədə danışmaq olar, 50 milyon olsun, 70 milyon olsun, amma prinsip etibarilə dediyim kimi, kommersiya kreditləşdirməsi, bütövlükdə ölkənin iqtisadi aktiv əhalisinin bu kreditlərlə təmin olunması məhz bankların və maliyyə bazarlarının işidir. Bu işi və bazarı genişləndirmək üçün bir sıra amillər var. İlk növbədə demək lazımdır ki, başqa ölkələrlə, inkişaf etməkdə olan ölkələrlə müqayisə çox da korrekt deyil, yəni həmin ölkələr bu portfeli, bu potensialı on illərlə, yüz illərlə yığıblar.
Azərbaycanda isə ipoteka kreditləşməsinin tarixi heç on il deyil. Cənubi Qafqazda hələ də yeganə institutdur. Başqa keçid ölkələrində də çox az yerlərdə dövlət tərəfindən yaradılmış fond var. Köhnə MDB məkanında Azərbaycan bir, ya iki keçid ölkələrindən biridir. Bizim yeni strategiyamız var, o strategiya Azərbaycan hökumətinə təqdim olunub və hökumət daxilində ciddi müzakirə olunur. Burada biz 3 əsas prinsipi götürmüşük. Bu prinsiplərdən biri güzəştli ipotekanın dövlətin qayğısında, himayəsində qalması, bu vəsaitin gələcəkdə optimallaşması, kommersiya kreditləşdirməsinin daha da liberallaşdırılması, bu işin bankların üzərinə qoyulması və banklar üçün yeni təklif kanallarının, yeni uzunmüddətli vəsait kanallarının yaradılmasıdır. Bu isə maliyyə bazarlarının digər seqmentlərinin, xüsusilə də sığorta fond-larının, pensiya fondlarının, – yenə də xarici təcrübəyə isti-nad etməliyəm, – vasitəsilə baş verir.
Digər tərəfdən isə biz “alman modeli” deyilən ipotekanı irəli sürürük. Bu ipoteka əhalinin öz yığımları hesabına baş verir. Xüsusi bir təsisat, institut yaradılır, əhali müəyyən məbləğə qədər vəsaitlərini toplayır və həmin bank tərəfindən avtomatik olaraq bu kreditləri alır. Hesab edirəm ki, Azərbaycan mentaliteti şəraitində, bizim xalqımızın mənzilə olan münasibəti kontekstində bu model Azərbaycanda çox yararlı ola bilər. Azərbaycanda iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxışı genişlənir. Etiraf etmək lazımdır, bu bazar, – bu gün hələ də bu ifadə var, – “tələb bazarı”dır. Tələb həddindən artıq böyükdür. Azərbaycan maliyyə bazarları, bank sistemi baxımından 1995-ci ildə sıfırdan başlamış bir ölkədir. Bilirsiniz ki, Azərbaycanda nə maliyyə bankları, nə də kommersiya bankları var idi. Məndə bir sıra rəqəmlər var, istəyirəm, onları sizin diqqətinizə çatdırım. 1995-ci ildə Azərbaycanda adambaşına cəmisi 27 Amerika Birləşmiş Ştatları dolları kredit düşürdü. Bu gün Azərbaycanda adam-başına düşən kreditin həcmi 2350 Amerika Birləşmiş Ştatları dollarıdır. 1995-ci ildə Azərbaycanda adambaşına əhalinin 2 Amerika Birləşmiş Ştatları dolları həcmində əmanəti var idi. Bu gün bu vəsait 930 Amerika dollarıdır, yəni 400 dəfədən çox artmışdır. Bu onu göstərir ki, Azərbaycanın maliyyə bazarları inkişaf edir, lakin tələbat ondan da çox inkişaf edir və bizim əsas vəzifəmiz bu tələbatı gələcəkdə daha dolğun ödəməkdir.
Bir sıra başqa məsələlərə də toxunmaq olardı, görürəm ki, vaxt buna imkan vermir. Çox qısa olaraq 2015-ci ilin əsas vəzifələrindən danışmaq istəyirəm. Təbii ki, hökumətdə yekdil bir fikir var ki, bizi geosiyasi və geoiqtisadi baxımdan mürəkkəb bir il gözləyir. Lakin mən artıq dedim ki, Azərbaycan, Azərbaycan milli iqtisadiyyatı bu gərginliklərə hazırdır, bizim kifayət qədər ehtiyatlarımız və manevrlərimiz, imkanlarımız, Azərbaycan hökumətinin və Mərkəzi Bankın isə bu böhranlı və gərgin prosesləri idarə etmək üçün kifayət qədər idarəetmə təcrübəsi var. Əsas prioritet 2015-ci ildə makroiqtisadi sabitliyi qoruyub saxlamaqdır. Aşağı inflyasiya, sabit məzənnə Azərbaycan iqtisadiyyatının əsas rəqabət üstünlüklərindəndir və 15 ildən artıqdır ki, Azərbaycanda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan möhkəm iqtisadi-siyasi sabitlik möhtərəm Prezidentimiz İlham Əliyevin liderlik qabiliyyəti, idarəetmə məharəti, yüksək peşəkarlığı ilə bu gün də davam etdirilir. 2015-ci ildə maliyyə sektorunda sabitliyin təmin olunması şəksiz prioritetlərdəndir. Azərbaycan Mərkəzi Bankı hətta mandatını genişləndirmək hesabına maliyyə sektorunun daha dinamik inkişaf etdirilməsi, əhalinin, biznesin kreditlərə, investisiyalara olan tələbatının ödənməsi üçün bir sıra yeni alətlər üzərində çalışacaqdır. Əlaqədar institutlarla, ilk növbədə Vergilər Nazirliyi ilə birlikdə ölkədə nağdsız hesablaşmaların artırılması, “ASAN xidmətin”in fəaliyyət dairəsinin genişləndirilməsi, nağd hesablaşmaların fəaliyyət dairəsinin isə məhdudlaşdırılması sayəsində ölkədə həm fiskal sabitliyin, həm büdcə sabitliyinin, həm də bütövlükdə iqtisadi inkişafın, maliyyə sektorunun gücünün artırılması istiqamətində əlavə tədbirlər planlaşdırılır və görüləcəkdir. Hörmətli millət vəkillərini əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı 2015-ci ildə də irəli sürülmüş sosial-iqtisadi proqramların, dövlət büdcəsinin həyata keçirilməsi üçün öz funksiyaları daxilində əlindən gələni edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Elman müəllim. Mən hesab edirəm ki, artıq tənəffüs elan eləyək və tənəffüsdən sonra Hesablama Palatasının rəyini dinləyərik, sonra müzakirələrə başlayarıq. Saat 4-ə kimi tənəffüs elan edirəm.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Hesablama Palatası çox gözəl bir rəy hazırlayıb. İndi məlumat üçün Hesablama Palatasının sədri Vüqar Gülməmmədova söz verək, buyurun.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, hökumət üzvləri və qonaqlar! Hesablama Palatasının müzakirəyə təqdim edilmiş büdcə layihəsi və bu layihənin formalaşmasına təsir edən makroamillərlə bağlı ümumiləşmiş rəyini diqqətinizə çatdırmaq istərdim. 2015-ci ilin dövlət büdcəsinin formalaşdığı cari dövrün beynəlxalq makroiqtisadi şəraitinə nəzər salsaq, dünya ölkələrinin fiskal davranışını xarakterizə edən əsas meyillər kimi, inkişaf etmiş ölkələrin dövlət xərclərinin artması nəticəsində yaranmış və kəskinləşmiş borclanma problemi ilə üz-üzə olduğunu qeyd etməliyik. Maliyyə və iqtisadi böhranın sistemli şəkildə davam etdiyi bir dövrdə bu ölkələrdə iqtisadi aktivliyin stimullaşdırılması və işsizliyin səviyyəsinin azalması bir çıxış yolu olsa da, bu, büdcə resurslarının optimal istifadəsini, orta və uzunmüddətli dövrdən dövlətin qarşısında duran sosial-iqtisadi problemlərin həlli məqsədilə zəruri maliyyələşmə imkanlarının aşkar edilməsi və müvafiq istiqamətlərə yönəldilməsini tələb edir. Qeyd olunanlar öz növbəsində balanslaşmış büdcə prinsiplərini önə çıxarır və büdcə resurslarının optimal istifadəsini zəruri edir.
Beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Valyuta Fondu 2015-ci ildə dünya üzrə ümumi daxili məhsulun real artımının 3,8 faiz olacağını, bu göstəricidə payı böyük olan inkişaf etmiş ölkələr üzrə məcmu ümumi daxili məhsulun 2,3 faiz, Avrozona ölkələri üçün məcmu ümumi daxili məhsulun 1,3 faiz artacağını proqnozlaşdırır. Bununla ya-naşı, 2015-ci il üçün ölkəmizdə ümumi daxili məhsulun real artım tempinin Beynəlxalq Valyuta Fondu tərəfindən 3,5, Dünya Bankı tərəfindən 4,1 faiz səviyyəsində proqnozlaşdırıldığını nəzərə alaraq büdcə zərfində növbəti ilin real iqtisadi artım tempinin 4,4 faiz səviyyəsində nəzərdə tutulması aparılan uğurlu iqtisadi siyasətin nəticələrinin beynəlxalq miqyasda qəbul edildiyinin, ölkənin müdafiə qabiliyyəti gücünün əminliyinin ifadəsidir. Təqdim edilmiş büdcə layihəsində dövlət büdcə xərclərinin stabilləşdirilməsi, neft gəlirlərinin büdcə məqsədləri üçün istifadə olunan məbləğinin optimallaşdırılması yeni strateji çağırışlara tam cavab verir ki, bu da neftin qiymətinin dəyişkənliyi şəraitində dünya bazarlarının ölkə iqtisadiyyatına konyunktura təsirlərini mərhələlərlə optimallaşdırmağa imkan yaradacaqdır. Növbəti ildə dövlət büdcəsinin gəlirləri, qeyd edildiyi kimi, 19,4 milyard manat məbləğində proqnozlaşdırılır və bu, ümumi daxili məhsulun 32,5 faiz səviyyəsində olmaqla cari ilin müvafiq göstəricisindən 1,1 faiz çoxdur.
Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dominantlıq təşkil edəcəyi iqtisadi modelə transformasiya prosesi qlobal iqtisadi kövrəkliyin fəsadlarına baxmayaraq, dövlətin məqsədyönlü siyasəti nəticəsində uğurla reallaşdırılmaqdadır. Belə ki, qeyri-neft gəlirlərinin ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, vergi daxilolmalarının yığım əmsalının artırılması ilə bağlı tədbirlər, respublikanın şəhər və rayonları üzrə yerli gəlir və xərclərin tarazlaşdırılması istiqamətində işlərin davam etdirilməsi, dövlət büdcəsinə neft sektorundan gəlirlərin artım tempinin tədricən aşağı düşməsi və qeyri-neft sahələrindən gəlirlərin isə müsbət dinamikasının qorunması növbəti ilin dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasında prioritet olaraq müəyyən edilmişdir. Cari ilə nisbətən 2015-ci ildə dövlət büdcəsinin vergi gəlirləri 2,3, qeyri-vergi gəlirləri 8,2 faiz çox olmaqla proqnozlaşdırılmışdır. Hesab edirik ki, mövcud makroiqtisadi şərait və vergi inzibatçılığının gücləndirilməsi ilə bağlı tədbirlərin davam etdirilməsi həmin proqnozların tam həcmdə yerinə yetiriləcəyinə əminlik yaradır. 2015-ci ilin dövlət büdcəsinin strukturuna nəzər salsaq, vergili gəlirlərdə qeyri-neft gəlirlərinin son illər ərzində olduğu kimi, dayanıqlı artımının davam etdiyini görərik. Dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi daxili məhsula nisbətən stabil artım meyilləri ümumi daxili məhsulun tərkibində güzəştli vergi rejimi tətbiq olunan sahələrin davamlı olaraq genişləndirilməsi şəraitində müşahidə olunur. Dövlət Neft Fondundan transfertin cari illə müqayisədə artacağını qeyd etməklə, eyni zamanda, bir faktı da demək lazımdır ki, bu artımın müqabilində neft sektorundan dövlət büdcəsinə daxilolmaların xüsusi çəkisi cari illə müqayisədə azalacaq-dır. Transfertin məbləğinin artımı dünya əmtəə bazarında müşahidə olunan proseslər nəticəsində maliyyə ehtiyatları-nın aktiv istifadəsini təmin edəcək. Ümumiyyətlə, qeyd etməliyik ki, 2015-ci ilin büdcə layihəsində mövcud büdcə gəlirlərinin strukturu, artım tempi və ümumi daxili məhsula faiz nisbəti gəlirlərin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəflərinə istiqamətlənməklə artırıldığını göstərir.
Hörmətli millət vəkilləri və qonaqlar! 2015-ci ilin dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 35,3 faiz səviy-yəsində proqnozlaşdırılır ki, bu da iqtisadi inkişafın davamlı təmin edilməsində dövlət büdcəsinin rolunun artırılması kimi qəbul olunmalıdır. 2015-ci ilin dövlət büdcəsində sair xərclərin azaldılması, bir sıra xərclərin ünvanlılığının artırılması, investisiya xərclərində bölüşdürülməmiş ehtiyat vəsaitlərinin nəzərdə tutulmaması şəffaflığın artırılmasına xidmət edir və bununla yanaşı, müxtəlif sahələrdə islahatların həyata keçirilməsi məqsədilə vəsaitin proqnozlaşdırılması xüsusi diqqət yetirilməli əhəmiyyətli məqamlardandır.
Ötən illərdə olduğu kimi, növbəti ilin büdcə layihəsində də Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən prioritet hesab edilmiş müdafiə və sosial sahələrə diqqət davam etdiriləcəkdir. Bu, ölkəmizin müdafiə potensialının gücləndirilməsi məsələsinin həmişə vacib hesab edilməsi ilə yanaşı, ölkə vətəndaşlarının sosial rifahının da xüsusi önəm daşıdığını göstərir. Büdcə xərc-lərində cari və əsaslı xərclərə diqqət yetirdikdə həmin xərc-lərin artımla proqnozlaşdırıldığını, bu artımların isə sosial və iqtisadi məqsədlərin reallaşmasına xidmət etdiyini qeyd etməliyik. 2015-ci ildə dövlət büdcə xərclərinin təqribən 33 faizə qədərini büdcə investisiyaları təşkil edəcək. Bu xərclərin icra istiqamətləri geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilir. Belə ki, ölkəmizin artan beynəlxalq nüfuzu, mü-hüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasında rolu dövlətin aktiv investisiya siyasəti yürütməsi ilə yanaşı, dövlətin bu layihələrdə əsas investor kimi çıxış etməsini vacib elementə çevirir. Bu, qeyd edildiyi kimi, təqdim edilən məlumatlarda da göstərilir, dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına növbəti ildə 673 layihəyə vəsait yönəldilməsi və 124 obyektin təhvil verilməsi nəzərdə tutulur.
Hesab edirik ki, hazırda büdcə investisiyaları dövlət investisiyalarından maksimum asılı olan sahə və sektorlara yönəldilmişdir. Ümumiyyətlə, qeyd etməliyik ki, respublikamızın makroiqtisadi stabilliyini və nailiyyətlərini xarakterizə edən göstəricilər beynəlxalq maliyyə institutlarının analitik məqsədlərlə təklif etdiyi təhlükəli həddən qat-qat aşağı səviyyədədir. Lakin eyni zamanda, ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş hədəflərə nail olmaq məqsədilə respublikamızın inkişaf meyillərinə və iqtisadi sistemin xarakterinə əsaslanmaqla yerli meyarların və hədlərin tərtibi milli iqtisadiyyatın qlobal makromeyillərin əks-təsirlərindən qorunmaq və inkişaf strategiyamızın əminliklə icrasını təmin etmək imkanı verər.
2015-ci ilin büdcə layihəsində fərqli və qeyd olunmalı məqamlardan biri də dövlət borcunun uçotunun beynəlxalq təcrübəyə əsasən aparılması məqsədilə birbaşa hökumət tərəfindən cəlb edilən və geri qaytarılan öhdəliklərlə yanaşı, dövlət zəmanətləri ilə kredit vəsaitləri cəlb etmiş icraçı təşkilatların öz üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi riskindən asılı olaraq dövlət zəmanətli borc yüklərin müəyyən hissəsinin şərti öhdəliklər kimi daxil edilməsidir. Bu yanaşma tərəfimizdən dövlət borcunun uçotunun aparılmasında praqmatik bir addım kimi müsbət qiymətləndirilməklə yanaşı, uzunmüddətli borc dayanıqlığının təmin edilməsi üçün borclanma risklərinin idarə edilməsi və real qiymətləndirmə sisteminin hazırlanmasını zəruri edir. Beynəlxalq reytinq agentliklərinin ölkə üzrə borc öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi imkanlarının yetərli və stabil kimi qiy-mətləndirilməsi beynəlxalq təcrübəyə uyğun olaraq hesablanan indikatorların əksəriyyəti üzrə borc dayanıqlığını təmin edir ki, bu da ümumilikdə ölkənin iqtisadi sisteminin dayanıqlığını təmin etməklə mühüm layihələri uğurla başa çatdırmaq imkanının təzahürüdür.
Dövlət büdcəsinin kəsiri ilə bağlı. Dövlət büdcəsinin kə-siri 2015-ci ildə ümumi daxili məhsulun 2,8 faizi nisbətində proqnozlaşdırılmışdır və dövlət büdcəsinin kəsirinin maliyyələşmə mənbələri antiinflyasion xarakterlidir. Aparılan təhlillərə əsasən qeyd etmək istərdim ki, müvafiq riskləri qarşılamaq üçün nəzərdə tutulmuş ehtiyat fondların həcmi real iqtisadi artım tempinin, o cümlədən qeyri-neft sahələri üzrə gəlirlərin müsbət dinamikasının qorunması, xərclərə isə qənaətli yanaşmanın tətbiqi kəsirin daha az olacağını deməyə əsas verir.
2015-ci ildə həm xarici, həm də daxili borclanmanın yuxarı həddi 2014-cü illə müqayisədə müvafiq olaraq 25 faiz və 16,7 faiz az proqnozlaşdırılmışdır. Sizlərə məlumdur ki, daxili dövlət borclanması, əsasən, daxili bazarda dövlət istiqrazlarının emissiyası və dövlət zəmanətlərinin verilməsi ilə, xarici dövlət borclanmasında isə beynəlxalq maliyyə-kredit təşkilatları ilə kredit sazişlərinin bağlanması ilə nəzərdə tutulur. Hesablama Palatası tərəfindən aparılan təhlillər göstərir ki, həm xarici, həm də daxili borclanma limitinə ehtiyatla yanaşılmışdır.
Sonda isə 2015-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsində nəzərdə tutulmuş dəyişiklikləri qeyd etmək istərdim. Bu dəyişikliklər dövlət büdcəsinin vergi gəlirlərinin mənbələrinin ünvanlığının artırılması ilə yanaşı, mərkəzləşdirilmiş və yerli büdcə münasibətlərinin yeni tənzimlənmə mexanizminin yaradılmasıdır. 2015-ci ildə ilk dəfə olaraq yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri təmin etmədikdə həmin şəhər və rayonlara onların xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulmuşdur. Qeyd olunan yanaşma isə öz növbəsində yerli gəlirlərin artırılmasına stimul verməklə yanaşı, nəzarət mexanizmini gücləndirməklə büdcə münasibətlərinin tarazlaşmasında mühüm rol oynayacaqdır. Beləliklə, qeyd olunanları, həmçinin növbəti ilin dövlət büdcəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını, həyata keçirilən genişmiqyaslı islahatların və tədbirlərin uğurlu davamını təmin edəcək maliyyə təminatının yaradıldığını nəzərə alaraq Azərbaycan Respublikasının Hesablama Palatası 2015-ci ilin dövlət büdcəsi ilə bağlı müsbət rəyini Milli Məclisə təqdim etmişdir, bunu nəzərə almağınızı xahiş edirik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Vüqar müəllim. İndi keçirik müzakirələrə. Xahiş edirəm, yazılasınız. Azay Quliyev buyursun.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən hər şeydən öncə bugünkü ətraflı və maraqlı təqdimatlara görə hökumət üzvlərinə dərin minnətdarlığımı bildirirəm. Biz, həqiqətən də, çox maraqlı təhlilin şahidi olduq. Çox təqdirəlayiq haldır ki, bizim növbəti 2015-ci il üçün kifayət qədər əsaslandırılmış bir büdcə layihəmiz var. Bu büdcə layihəsi Azərbaycanın iqtisadi inkişafını tam şəkildə əhatə edir və çox sevindirici haldır ki, bütün iqtisadi problemlərə, böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatında hər il artım müşahidə olunur. Əlbəttə, burada iqtisadçılar büdcənin makroiqtisadi göstəriciləri ilə bağlı kifayət qədər məlumat verdilər, yəqin, bundan sonra da təhlillər davam edəcək. Amma mənim üçün və hesab edirəm, bizim cəmiyyət üçün maraqlı məqamlardan biri bu idi ki, neftin qiymətinin düşməsi ilə müşahidə olunan hazırkı bazar konyunkturasında Azərbaycan büdcəsi necə olacaq? Mən çox təqdir edirəm ki, bizim həm hörmətli maliyyə naziri Samir Şərifov, həm də Mərkəzi Bankın rəhbəri bununla bağlı kifayət qədər əsaslı fikirlər bildirdilər, Azərbaycan büdcəsinin müxtəlif ssenarilərə hazır olduğunu dedilər. İstər neftin bir barrelinin 90 dollar bazar qiyməti ssenarisi, istərsə də 60 dollara qədər enməsi vəziyyəti Azərbaycan iqtisadiyyatının nə qədər dayanıqlı olduğunu göstərdi. Mən hesab edirəm, bu çox mühüm haldır və həqiqətən də, təqdir edilməlidir.
İkinci maraqlı məqamlardan biri bundan ibarətdir ki, artıq, həqiqətən də, Azərbaycan ən az yoxsulluq səviyyəsi qeydə alınan 25 ölkə sırasındadır. Bu da bizim iqtisadiyyatımızın, konkret olaraq cənab Prezidentin həyata keçirdiyi islahatların və layihələrin dəqiq göstəricisidir. Digər bir təqdimatda diqqətçəkən məqamlardan biri bu idi ki, Azər-baycanın valyuta ehtiyatı ümumi daxili məhsula münasibətdə 20 ölkə arasında ən yaxşı yerlərdən birini tutur. Bu da, hesab edirəm ki, çox yaxşı bir göstəricidir.
Manatın sabitliyi ilə bağlı bank sektorunun da bugünkü inkişafını, əlbəttə, bura əlavə etmək lazımdır. O ki qaldı konkret olaraq büdcənin istiqamətlərinə, əlbəttə, bu gün hər bir vətəndaşı bir istiqamət maraqlandırır. Sosial istiqamətə – təhsilə, səhiyyəyə ayrılan vəsait. Hesab edirəm, burada da kifayət qədər müsbət dinamika və artım var. Bu, təbii ki, təqdir edilməlidir.
Eyni zamanda, bu gün bizim hamımızı maraqlandıran məsələdən biri də bizim müdafiə qabiliyyətimizin artırılması istiqamətində dövlətimizin həyata keçirdiyi işlərdir. Çox sevindirici haldır ki, bu gün müdafiə xərclərinə 3 milyard 783 milyon manat vəsait nəzərdə tutulur. Bunu da xüsusi qürurla dinlədik ki, bütövlükdə Ermənistanın dövlət büdcəsi məhz bizim hərbə ayırdığımız ümumi büdcənin 70 faizi qədərdir. Əlbəttə, biz bunu açıq şəkildə deməkdən çəkinmirik. Çünki Azərbaycanın ərazisi işğal altındadır, müharibə hələ başa çatmayıbdır. Son hadisə də onu göstərir ki, Azərbaycanın hərbi qüdrəti öz sözünü deyir və günü-gündən biz bu sahəyə də diqqət ayırmalıyıq. Mən bunu tam şəkildə təqdir edirəm və hökumətə təşəkkür edirəm ki, bu qərarı veribdir.
Əlbəttə, kənd təsərrüfatı ilə bağlı, hesab edirəm, ora ayrı-lan prioritet istiqamətlər və sair kifayət qədər artıb. Qaçqın və məcburi köçkünlərlə bağlı qəbul edilən qərarlar, hesab edirəm, hökumətin əsas diqqətindədir. Buna bu qədər və-saitin ayrılması kifayət qədər əsaslıdır.
Mən, hörmətli millət vəkilləri, əziz həmkarlar, bir neçə kəlmə də təkliflərlə bağlı demək istəyirəm. Bilirsiniz ki, biz son vaxtlar qeyri-hökumət təşkilatları ilə bağlı qanunveri-cilik sahəsində müəyyən dəyişikliklər etdik. Mən bu sektoru təmsil edən bir şəxs kimi deyə bilərəm ki, bu dəyişikliklər zəruridir. Bu gün biz rəqəmlərə baxsaq, Azərbaycana daxil olan, yəni QHT sektorunun illik büdcəsinin təxminən 35 faizi xaricdən daxil olan maliyyələr hesabına formalaşır. Bu rəqəm 23 milyon 500 min manat civarındadır. Düşünürəm ki, bu gün bu donorların bir çoxunun fəaliyyəti şəffaf deyildir. Burada bizim milli təhlükəsizlik məsələmiz bəzən təhdid olunur və artıq vaxtı gəlib çatıbdır ki, Azərbaycan dövləti xarici donorlardan asılılıq istiqamətində daha mühüm addımlar atsın. Əlbəttə, mən müsbət dəyərləndirirəm ki, bu il QHT-lərə Dövlət Dəstəyi Şurasının büdcəsi də artıbdır. Təxminən keçən il 4 milyon manat idisə, bu il indiki layihədə 6 milyon nəzərdə tutulubdur. Amma qeyd etdiyim kimi, nəzərə alsaq ki, artıq 23,5 milyon manat xaricdən gəlir və bu 6 milyonun da təxminən 1 milyon 300–400 min manatı katibliyin və şuranın saxlanma xərcləri və digər layihələrə aiddir, belə deyək, müsabiqə fondu üçün qalan 4,6 milyon manat vəsait, əlbəttə ki, bu fond üçün çox azdır. Mən fürsətdən istifadə edib hörmətli Samir müəllimdən xahiş etmək istərdim ki, heç olmasa, ilkin mərhələdə bu rəqəmi biz 10 milyona çatdıraq və dövlət, əlbəttə, bu isti-qamətdə qeyri-hökumət təşkilatlarına öz fondundan dəstək versin.
İkinci toxunmaq istədiyim məsələ evdə fərdi təhsil məktəbləri müəllimlərinin bu gün üzləşdikləri çətinliklərlə bağlıdır. Bilirsiniz, onlar xüsusi həssas təbəqə ilə işləyən insanlardır. Onların bu il əmək haqlarına əlavə 50 faiz ödə-nilməsi ilə bağlı problem yaranır və bizə edilən müraciətlərə əsasən deyə bilərik ki, bu 50 faizin ödənilməsi ilə bağlı bir az fərqli qərar olacaq, bu 50 faizin ödənilməməsi bu gün müzakirə olunur. Eyni zamanda, həmin ailələrə 20 manat müavinət verilir. Mən hesab edirəm ki, hörmətli maliyyə naziri bu məsələyə baxa bilər. Bizim sayca çox olmayan müəllimlərə ödənilən əlavə 50 faizin kəsilməməsi üçün müvafiq qərarlar qəbul edilə bilər.
Mən istərdim, bir-iki kəlmə də mənsub olduğum, daha doğrusu, seçildiyim Şirvan şəhəri ilə bağlı deyim. Biz neçə dəfə bu məsələni qaldırmışıq, çox təşəkkür edirəm ki, bizim Nazirlər Kabineti Şirvanla bağlı qaldırılan məsələlərə daim diqqət göstərib, verilən təklifləri nəzərə alıb. Yenə də bir neçə təklifi burada səsləndirmək istərdim. Bu gün Şirvan şəhərinin “Bağ evləri” massivində məktəbə böyük ehtiyac var. Mən başa düşürəm ki, burada bütün millət vəkilləri öz regionları ilə bağlı müəyyən məsələlər qaldıracaqlar. Amma həqiqətən də, bu gün hesablamalar onu göstərir ki, həmin bölgədə ciddi şəkildə məktəb binasının inşasına ehtiyac var. Ən azı, 600 yerlikdən çox məktəbin inşa olunması, hesab edirəm ki, aktual məsələlərdən biridir.
Digər məsələ Şirvan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlıdır, bu barədə dövlət proqramına müəyyən müddəalar əlavə olunub. Lakin büdcədən vəsait ayrılmadığına görə hələ də su-kanalizasiya sisteminin yenidən qurulması işi yarımçıq qalıb. Digər mühüm məsələlərdən biri, hesab edirəm ki, ciddi problem kimi səslənməyə bilər, amma hər halda səsləndirmək istəyirəm ki, istismar müddəti başa çatmış bir çox binaların, hasarların təmiri və binaların işlək liftlərlə təmin olunması ilə bağlı seçicilərin müraciətləri var. Mən özümə borc bilirəm ki, burada bu məsələni qaldıram və müvafiq qurumlar bu məsələyə diqqət ayırsınlar.
Yekunda isə, əlbəttə, mən büdcə layihəsini çox yüksək səviyyədə hazırlanmış və bugünkü iqtisadi tələblərə cavab verən layihə hesab edirəm. Hesab edirəm ki, bu büdcə cənab Prezidentin həyata keçirdiyi ciddi islahatların konkret olaraq rəqəmlərlə ifadəsidir. Mən dövlət başçısına və onun komandasına uğurlar arzulayıram, hesab edirəm ki, bu büdcə 2015-ci ildə bütün çağırışlara tam şəkildə cavab verə biləcək, ölkəmizin iqtisadi inkişafının, insanların sosial rifahının tam şəkildə bərqərar olunmasına və bu işin davam etdirilməsinə təminat verəcəkdir. Mən bu layihəyə səs verəcəyəm, diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Samir müəllim, Azay Quliyev çıxışında QHT-lər barədə bir məsələni söylədi, həqiqətən, biz Milli Məclisdə şəffaflığı təmin eləmək üçün qanunlar qəbul elədik, amma QHT bazarında çox boşluqlar var. Milli mənafelər naminə, düzdür, bir çox nazirliklər pul ayırırlar, dəstəkləyirlər, amma buna dövlət səviyyəsində bax-maq lazımdır. Bəlkə də QHT-lərin maliyyələşdirilməsində dəyişiklik eləmək lazımdır. Xahiş edirəm, onu da diqqətdə saxlayın. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Möhtərəm cənab Sədr, hörmətli hökumət üzvləri, dəyərli millət vəkilləri! 2015-ci ilin dövlət büdcəsi ilə mən də ciddi şəkildə tanış oldum. Təbii ki, bu, hökumətin hesabatı olmadığına görə hökumətin fəaliyyəti ilə bağlı fikirlərimi mart ayında deyəcəyəm, amma indi bir sıra təklifimi bildirmək istəyirəm və bu məsələlərə ardıcıl olaraq ona görə diqqət ayırıram ki, bu, böyük bir auditoriyanı, o cümlədən seçiciləri də ciddi şəkildə narahat edir və onlar bu məsələlərin büdcədə əks olunmasını arzulayırlar.
Birinci, ipoteka haqqında öz fikirlərimi bildirmək istəyirəm. Bayaq Milli Bankın sədrinin də çıxışından məlum oldu ki, ipotekaya 50 milyon manat pul ayrılır. Diqqət etsək, görərik ki, ipotekaya ən güzəştli şərtlərlə olsa belə, 50 mindən artıq vəsait ayrılmır və ayrılan vəsait də yüksək maaşı olan təbəqəyə verilir. Amma əhalinin böyük bir hissəsinin, təbii ki, mənzil şəraiti ya olduqca pisdir, ya da ümumiyyətlə, evi yoxdur və onlar ipoteka şərtlərindən yararlana bilmirlər. İpoteka şərtləri nə qədər yüngül, faiz göstəriciləri nə qədər aşağı olsa da, ipotekanın özünü hətta ən aşağı faizlə ödəmək üçün ən azı 700–800 manatlıq iş yeri göstərilməli və 50 mindən yuxarı vəsait ödənməlidir. 50 minə isə bu gün Bakı şəhərində mənzil tapmaq o qədər də asan deyil. Bunu da hər kəs bilir, hətta birotaqlı mənzillərin qiyməti də az-çox bəllidir. Ona görə ipoteka ilə yanaşı, ya ipotekadan kənar, ipotekanın müəyyən faizini azaltmaqla, – mən keçən dəfə də iclasların birində təklif etmişdim, – aşağı faizlərlə, ya da faizsiz “Gənclər şəhərciyi” tikmək lazımdır. Qoy büdcədən vəsait ayrılsın. Onsuz da ipotekaya ayrılan vəsaitdən dövlət heç bir xeyir götürmür. Ancaq müvəkkil banklar o faizləri götürürlər və vəsait müvəkkil banklara ödənilir, dövlətə ödənilmir. Ona görə də dövlətin ayırdığı vəsaitlər hesabına “Gənclər şəhərciyi” tikilsin. Bir gənc 100 kvadratmetrlik mənzilə, çox demirəm, ayda 160 manat pul ödəməklə 25 il müddətində 48–50 min manata əldə etdiyi mənzilin pulunu ödəyir. Dövlət də onların həyat şəraitini yaxşılaşdıraraq onlara dəstək olur, gənclərin ev problemini həll edir. Çox istərdim ki, dövlət növbəti büdcədə bunu düşünsün, belə gənclər şəhərcikləri salınsın, gənclərə verilsin, onlar da 25 il ərzində dövlətin vəsaitini tam şəkildə ödəsinlər. Burada daha yüngül şərtlər olduğu üçün vətəndaşların üzərinə ağır yük qoyulmur. Bu olduqca vacib məsələdir, çox xahiş edərdim, hökumət bu məsələni növbəti büdcə müzakirələrində nəzərə alsın.
İkinci, bank sektoru ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Azərbaycanda əhalinin 80 faizi banklara bu və ya digər şəkildə borcludur. Bunu həm inkişafın yüksək rəhni kimi də dəyərləndirmək olar, həm də inkişaf etmiş əhalinin maddi gəlirlərinin yüksəlməsi fonunda bankla birbaşa ünsiyyət də adlandırmaq olar və sair. Amma reallıq budur ki, burada məcburiyyət olduğuna görə banklar, çox təəssüflər olsun ki, kredit faizlərini fantastik dərəcədə qaldırırlar. Məsələn, Milli Bank 3 faizlik göstərici ilə dövlətin pulunu, xalqın pulunu özəl banklara verir, onlar da 24–26 faizlə, ən aşağısı 22 faizlə vətəndaşa kredit verirlər, niyə? Dövlətin puludur, Milli Bank 3 faizlə həmin banklara verir, onlar da 22–26 faizlə verirlər, diqqət etsəniz, əslində, 26 faiz də deyil, gəlib bəzən 50–60, ilin sonunda isə bəzən 80 faizə qalxır. Diqqət edin, vətəndaşa 12 min manat birillik kredit verirsə, birinci aydan sonra vətəndaş onun faizi ilə yanaşı, əsas hissəsindən də qaytarmalı olur. Bank əsas hissəni yenidən dövriyyəyə buraxır və ondan qazanmağa başlayır, onu təzədən verir və 24 faizini də başqa bir vətəndaşdan alır. Yəni təkcə kreditin faizlərini almır, həm də kreditin ana hissəsindən, yəni əsas hissəsindən geri qaytarmalar, ödənişlər olur. Milli Bank, hesab edirəm, bu məsələlərdə ciddi tənzimləmələr etməlidir və əgər Milli Bank dövlət pulunu özəl banklara verirsə, onun faiz göstəriciləri nisbətən aşağı olmalıdır. Dünyanın heç bir yerində, heç qonşu Türkiyədə inflyasiyanın həddən artıq yüksək olduğu dönəmdə belə, bu qədər kredit faizləri olmur. İlkin məhsul alışından sonra ana pulun qaytarılmasında ən azı 4–5 aylıq fasilələr var. Bu, nəzərə alınmalıdır.
Üçüncü məsələ. Mən çox istərdim ki, nazirlər və hökumət üzvləri burada olduqları üçün bunu diqqətə alsınlar. Dövlət orqanlarında işləmək üçün yaş senzi bəzən 30 yaş müəyyən olunur. Deyir ki, 30 yaşına qədər adamlar dövlət orqanlarında çalışmaq üçün sənəd verə bilərlər. Qardaş, biz bunu olimpiadaya göndəririk, 45 yaş olsa olmaz, qaçacaq? Bu adam 45 yaşına qədər niyə dövlət orqanlarında çalışmaq üçün sənəd verə bilməz? Bundan əvvəl tez-tez elanlara rast gəlirdik. Ya mağazada, ya da modalar evində yaşı 25-ə qədər olan qızlar işə qəbul olunurlar. 30 yaşından yuxarı olsa, dövlət orqanlarında çalışa bilməz? Niyə dövlət orqanlarına 30 yaşına qədər olan adamların sənədləri götürülür? Heç bunu nazirliklər düşündümü? 45 yaşında olan adamın enerjisi, işi, səlahiyyəti, savadı çatmırmı ki, o, dövlət orqanlarında çalışmaq üçün, test imtahanı verib dövlət orqanlarında iştirak etmək üçün sənəd versin? Mən bilmirəm, bu, xüsusi idman növüdürmü, bunu nazirliklər nəzərə almalıdır, ən azı 45 yaş müəyyən olunmalıdır. Əgər dövlət orqanlarında pensiya yaşı 63-dürsə, yaxud da 65-dirsə, yaxud qadınlarda 59-dursa, bu vaxta qədər vətəndaşın hər hansı bir yerə sənəd verməsini məhdudlaşdıra biləcək heç bir qanun olmamalıdır. Vətəndaşın üzərinə bununla basqı qoyulursa, təsadüfən işdən çıxdın, ya bəyənmədinsə, bundan sonra sən dövlət orqanlarında çalışmaqla bağlı fəaliyyət göstərə bilməzsən, bu heç doğru yanaşma deyil, hesab edirəm, bunu səlahiyyətli dövlət qurumları gələcək fəaliyyətlərində nəzərə almalıdırlar.
Mən müəllimlərin və həkimlərin vəziyyəti ilə bağlı danışmaq istəyirəm, keçən iclasların birində də demişdim. 24 saatdan artıq dərs deyən müəllimlərin maaşları yerlərdə ödənilmir və 24 saatın stavkası 168 manatdır, hörmətli hökumət üzvləri, 168 manatla bir müəllim necə yaşasın? 24 saat dərs deyə bilər? 24 saatdan artıq ödəniş yoxdur, Maliyyə Nazirliyi və Təhsil Nazirliyi bu ödənişi qadağan eləyib və bunun da stavkası 168 manatdır. Nə qədər istəyirsiniz rəqəmləri vurun bir-birinə, çıxarın orta əmək haqqını 400-ə, bunun aldığı saathesabıdırsa, bu da budur, necə yaşasın?
İkinci, ali məktəblərdə saathesabı dərs deyirlər, saatına 2 manat pul verirlər. 2 manata kim dərs deyər, o dərsin keyfiyyətindən nə gözləyirsiniz? Ya bunu ştata götürün, ştatdan pulunu verin, yox, ştata götürülməyib, saathesabına dəvət olunubsa, həmin müəllimlərin maaşı daha yüksək olmalıdır, demək, bu, peşəkardır. Yox, siz elə küçədə qalan, işsiz-filan adamları çağırırsınız, bunun saatına 2 manat verirsiniz, o da 1 saat dərs deyir, 2 manat maaş alırsa, hesablayın, görüm nə qədər maaş alacaq? Hansı adam 2 manata dərs deyər və o dərsin keyfiyyəti nə olar?
Üçüncü məsələni də deyim. Məsələn, mənim seçildiyim Xətai ərazisində köhnə evlərin istismar müddəti bitib. Döv-lət bununla bağlı xüsusi qərar qəbul etməlidir, ya iş adamlarına təklif olunmalıdır, onlara verilməlidir, – dövlətin, başa düşürəm, imkanları yoxdur, – binalar tam şəkildə tikilməlidir. Məsələn, 9 mərtəbəli binadırsa, 16 mərtəbəli bina tikilməlidir, 9 mərtəbəyə həmin adamlar köçürülməlidirlər ki, normal binada yaşaya bilsinlər, digər 7–8 mərtəbə isə iş adamına verilməlidir.
Təkliflər çoxdur, zaman isə azdır. Sonda mən siyasi partiyalarla bağlı məsələyə toxunmaq istəyirəm. Bütün sektorlarda, hörmətli Samir müəllim, maliyyə artımı var, kütləvi informasiyaya dəstək şurasına, QHT-lərə və qeyri-hökumət təşkilatlarının saxlanmasına artım var. Siyasi partiyalar dövlətin əsas tutumlarından biridir. Nədən bu siyasi partiyalara bu qədər qeyri-normal münasibət bəslənilir, siyasi partiyaların maliyyəsi artırılmır, halbuki bütün seçkilərdə dövlətin formalaşmasında siyasi partiyalar iştirak edir. Xahiş edirəm, bunu da nəzərə alasınız. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elton müəllim, buyurun.
E.Məmmədov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Bu gün müzakirə etdiyimiz 2015-ci ilin büdcə layihəsinin mükəm-məlliyi, həyata keçirilən tədbirlər və əks olunan proqnozlar möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi siyasətin bariz nümunəsidir. Bu siyasət iqtisadiyyatın davamlı inkişafı üçün zəmin yaratmış, makroiqtisadi tarazlığı təmin etmiş, ölkə inflyasiyasının aşağı səviyyədə saxlanmasına şərait yaratmışdır.
Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünya ölkələri sırasında ilbəil irəliləməkdə davam edir, hörmətli məruzəçilər bu haqda kifayət qədər qeyd etdilər. Bu inkişaf tempi 2015-ci ilin büdcə layihəsində qabarıq şəkildə özünü büruzə verir. 2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 32,5 faizi həcmində olmaqla 2014-cü illə müqayisədə 1,4 faiz artmışdır.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında neft-qaz kompleksinin müstəsna rolu vardır. Bu gün Azər-baycanın özünü enerji daşıyıcıları ilə, o cümlədən təbii qazla təmin etməsi ölkədə aparılan neft-qaz siyasətinin nəticəsidir. 2014-cü il sentyabrın 20-də Azərbaycan qazının Avropa bazarına çatdırılmasını təmin edən Cənub Qaz Dəhlizinin təməlinin qoyulması Azərbaycanın Avropa enerji təchizatında rolunu daha da artırmışdır. Ölkənin yanacaq-enerji kompleksini daha da inkişaf etdirmək məqsədilə neft hasilatı sahəsində bir sıra istiqamətdə aparılan işlər sırasında neft-qaz hasilatı sahəsində innovativ texnologiyalardan, o cümlədən nanotexnologiyalardan istifadənin genişləndirilməsinin da-vam etdirilməsi nəzərdə tutulur. Yeni stansiyaların və ötürücü şəbəkələrin tikintisi, mövcud stansiyalarda yenidənqurma işlərinin davam etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin artırılması energetika sənayesinin inkişafını şərtləndirən amillər sırasındadır. Yanacaq və enerji xərcləri bölməsində bərpa olunan enerji resurslarının, mənbələrinin müəyyən olunması və inkişafı üçün 7,6 milyon manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 4,1 milyon manat çoxdur.
Ölkəmizdə böyük ekoloji layihələrin icra edilməsi son illərdə vəziyyətin müsbətə doğru dəyişməsinə səbəb olmuş-dur. Ölkəmizin tranzit potensialının gücləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik, Qafqaz və Orta Asiya məkanında ən böyük sayılan Heydər Əliyev adına Bey-nəlxalq Hava Limanının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin bərə terminalının istismara verilməsi 2014-cü ildə nəqliyyat sahəsində qazanılan uğurlar silsilə-sindəndir. Bu nailiyyətlərin 2015-ci ildə də davam etdiril-məsi planlaşdırılır. Yuxarıda qeyd etdiyim sahələr üzrə növbəti ilin dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində müvafiq investisiya layihələri üçün vəsait nəzərdə tutulmuşdur. 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulan tədbirlərin icrası ölkəmizin iqtisadiyyatının daha da gücləndirilməsinə, infrastrukturun və qeyri-neft sektorunun gücləndirilməsinə imkan yaradacaq.
Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri! Müza-kirə etdiyimiz büdcə sənədinin layihə olduğunu nəzərə ala-raq təkliflərimizi nəzərinizə çatdırmaq istəyirəm. Büdcə zərfində elm xərclərinə 142,5 milyon manat vəsait proqnozlaşdırılır. 2015-ci ildə elm xərclərində elmi tədqiqat layihələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun vasitəsilə həyata keçirilməsi üçün 7,6 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmiri üçün 2 milyon manat, müasir laboratoriya avadanlıqlarının alınması üçün 4,9 milyon manat vəsait nəzərdə tutulur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşməsinə yönələcək.
Elmlə bağlı dövlət siyasətinin əsas istiqamətlərindən biri də elm, təhsil və mədəniyyət sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarın qəbul edilməsi olmuşdur. Elm və təhsilin birgə inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişdirilməsinə və iqtisadiyyatımızın peşəkar mütəxəssislərlə təmin olunmasına imkan yaradır.
Fikrimi bir neçə misalla izah etmək istəyirəm. Məsələn, 1998-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda elm və təhsilə aid məsələlər bir komitədə cəmləşərək komitənin adı Elm və təhsil komitəsi adlandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının Sosial inkişaf və dövlət adlanan 16-cı maddəsində elm və təhsil eyni müddəa daxilində əks olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası və Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı dövlət proqramı mövcuddur. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılmışdır. Lakin bəzən bu vəhdətin birinin digərini üstələməsi qeyri-mütənasiblik yaradır. “Təhsil haqqında” Qanun 2009-cu ildə qəbul olunmuşdur. Elm haqqında qanunun da qəbul olunmasına, təbii ki, zərurət var. “Təhsil haqqında” Qanunda elmin inkişafı ilə bağlı ayrıca maddə verilməyib, qanunun 25-ci maddəsində təhsil sistemində elmi araşdırmalar müddəası mövcuddur. Qanunun müxtəlifmə-zmunlu maddələrində elmi-pedaqoji kadr hazırlığı, elmi-metodik rəhbərlik, elmi tədqiqat mövzusuna yer verilmişdir. Lakin bir-biri ilə ayrılmaz surətdə bağlı olan elm və təhsilə aid ayrıca maddə yoxdur. Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası, milli kurikulumun mövcudluğu ilə yanaşı, elm və ya elmin inkişaf konsepsiyasının hazırlanmasını məqsədəuyğun hesab edirəm. Mən müzakirə etdiyimiz sənədləri hazırlayan hökumət üzvlərinə minnətdarlığımı bildirir, onlara dövlət büdcəsinin icrasında dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıram. Müzakirələrdən sonra, cənab Sədr, 2015-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin qəbul edilməsini təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Məclis və hökumət üzvləri! 2015-ci ilin dövlət büdcəsi layihəsi haqqında, onun makroiqtisadi göstəriciləri, habelə sahəvi keyfiyyətləri barədə hörmətli Ziyad müəllim və hökumətin hörmətli üzvləri ətraflı məlumat verdilər. Düşünürəm ki, növbəti ilin dövlət büdcəsinin ən xarakterik cəhəti bu büdcə layihəsində əvvəlki illərin dövlət büdcələrindən qaynaqlanan iqtisadi varisliyin qorunub saxlanmasıdır. Belə ki, əvvəlki illərdə olduğu kimi, bu dövlət büdcəsi də sosial və investisiya yönümlüdür. Belə ki, büdcə xərclərinin təxminən üçdə iki hissəsi bu məqsədlər üçün ayrılan xərclərdir. Bütövlükdə növbəti ilin dövlət büdcəsinin layihəsi, düşünürəm ki, Azərbaycanın 1 il ərzində davamlı, sürətli inkişafını maliyyə qaynaqları ilə təmin edə biləcək bir iqtisadi sənəddir.
Mən dövlət büdcəsi ilə bağlı bəzi məqamların, ələlxüsus kənd təsərrüfatının üzərində dayanmaq istəyirəm. Bu gün kənd təsərrüfatı sahəsində də Azərbaycanın bütün sahələ-rində olduğu kimi inkişaf mövcuddur və dövlətin davamlı qayğısı ilə əhatə olunub. İstər kənd təsərrüfatı texnikasının aqrolizinqlə satılmasından, istərsə də kəndli-fermer təsərrüfatlarına subsidiyaların ayrılmasından tutmuş güzəştli kreditlərə qədər bu qayğını hər gün görmək mümkündür. Ələlxüsus bu sahədə rəhbərlik dəyişəndən sonra bu inkişaf daha da sürətlənib. Amma bu da bir reallıqdır ki, Azərbaycanın hazırkı inkişaf səviyyəsində kənd təsərrüfatı məhsullarının istehsalının ağırlıq mərkəzinin dağınıq kəndli-fermer təsərrüfatlarının üzərinə düşməsi, düşünürəm ki, məqbul hesab edilə bilməz. Bu sahədə iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasının vaxtı çoxdan çatıb. Çünki iri müəssisələr elm və texnikanın nailiyyətlərini geniş tətbiq edə, yüksək əmək məhsuldarlığına nail ola bilər və istehsal olunmuş məhsulun istehsalçıya çatdırılması kimi çox mühüm bir problemi həll edə bilər. Habelə bu məhsulları xarici bazarlara çıxara bilər.
Buna görə də düşünürəm ki, kənd təsərrüfatına yeni bir dövlət yanaşmasının əsası qoyulmalıdır və yeni kənd təsər-rüfatı modelləri respublikaya gətirilməlidir. Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün çox ideal bir şərait var və Azərbaycanın kənd təsərrüfatı məhsullarını idxal edən ölkədən onu ixrac edən ölkəyə, yəni özünü bu məhsullarla tam təmin edən ölkəyə çevrilməsi üçün düşünürəm ki, bu, vacib bir addımdır. Bu sahədə parlamentin üzərinə də kifayət qədər böyük vəzifələr düşür. Belə ki, bunun qanunvericilik bazası formalaşdırılmalıdır. Düzdür, “Kəndli (fermer) təsərrüfatı haqqında” Qanunumuz var, amma iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasını nəzərdə tutan və bu sahədə ictimai münasibətləri tənzimləyəcək Kooperasiya haqqında yeni Azərbaycan qanununun qəbulunun, düşünürəm ki, vaxtı çatıb.
Bundan başqa, büdcə gəlirləri içərisində vergi daxilolmalarının xüsusi çəkisi barədə də bəzi fikirlərimi demək istəyirəm. Düzdür, vergi daxilolmaları ilə bağlı dövlət büdcəsinin gəlirlərində verginin xüsusi çəkisi təxminən əvvəlki illərdə olduğu kimidir. Amma mən düşünürəm ki, son dövrlər Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə aparılan işlər təqdirəlayiqdir. Ələlxüsus əmək müqavilələri bağlamadan əmək münasibətlərinə girilməsi ilə bağlı aşkar olunan faktlar və bu sahədə görülmüş tədbirlər bu istiqamətdə Vergilər Nazirliyinin apardığı ən təsirli tədbirlərdəndir. Amma bu da bir reallıqdır ki, Azərbaycanda elə fəaliyyət sahələri var ki, ya vergidən böyük məharətlə yayınır və yaxud da ki, onların real gəlirləri ilə adekvat olmayan vergi ödəmələri həyata keçirilir.
Bu gün qeyri-yaşayış sahələrinin, fərdi mənzillərin, fərdi yaşayış evlərinin icarəyə verilməsi biznesi çiçəklənmə dövrünü yaşayır. Amma mən hələ bu fəaliyyətlə məşğul olub vergi verən adam görməmişəm. Bundan başqa, bir sıra fəaliyyət sahələri, məsələn, toy biznesindən tutmuş buna yardımçı sahələr olan şadlıq evləri biznesi, müğənnilik fəaliyyəti, şou-biznes fəaliyyəti ilə məşğul olan insanların da, mən düşünürəm ki, ödədiyi vergilərin məbləği ilə onların real gəlirləri arasında bir uyğunsuzluq var. Mən düşünürəm ki, artıq Azərbaycanda da vergidən yayınma hallarına son qoyulması vaxtı çoxdan çatıb.
Bütövlükdə müzakirəyə çıxarılan dövlət büdcəsinin növbəti ildə Azərbaycanın iqtisadi inkişafını maliyyə qaynaqları ilə təmin edə biləcək keyfiyyətlərini nəzərə alaraq bu büdcə layihəsinə səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və hökumət üzvləri! Mən də hesab edirəm ki, bu qarışıq dünya konjektöründə Azərbaycan dövlətinin büdcəsinin bu səviyyədə müzakirə və müəyyən olunması hər halda müsbət bir haldır. Çünki hər şeydən əvvəl qeyd etməliyik ki, bu gün ölkələr var ki, hətta büdcə məsələsini müzakirə edə bilmirlər. Amma Azərbaycan sabit şəraitdə bu məsələni hələ də vətəndaş və cəmiyyət kontekstində müzakirəyə çıxarır, büdcə institutunun müəyyən dərəcədə cəmiyyətin iqtisadi və sosial problemlərinin həllində xüsusi rol oynadığını müşahidə edirik. Təbii ki, burada müəyyən fikirlər səsləndirmək olar. Amma mən bilirəm ki, təxminən 10–15 gündən sonra, ola bilsin, yenidən bu məsələyə qayıdılsın. Ona görə təkliflər üzərində durmağa üstünlük verirəm, çünki bu təkliflərin hər halda bu müddət ərzində həlli mümkündür.
Bizdə çox böyük iri layihələr həyata keçirilir, yollar çəkilir, səhiyyə obyektləri, təhsil müəssisələri tikilir. Hamısı müsbət haldır, amma bəzən cəmiyyət həyatında elə sahələr var ki, orada olan boşluqlar vətəndaşın problemlərinin həll edilməsi üçün yetərli olmur. Ona görə də bu məsələlər vətəndaşın gözünə çox vaxt görsənmir. Vətəndaşı düşündürən konkret onun həyat şəraitində olan dəyişimdir. Bu dəyişimi isə bir sıra sahələrdə müşahidə etmək olur. Mən bu məsələni Milli Məclisdə qaldırmışam, burada hökumət üzvləri və maliyyə nazirimiz olduğuna görə bir daha diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, Qarabağ müharibəsi veteranlarının, əlillərinin, orada şəhid olmuş insanların yaxınlarının sığorta məbləğini ala bilməməsi hələ də Azərbaycanda narahatedici faktlardan biridir. Bildiyiniz kimi, məhkəmə qərarı var, məhkəmə qərarına görə 42 ailə bu pulu vaxtilə alıbdır. 42 ailə buna qan pulu deyir, yəni şəhidin qan pulu deyirlər. Bu qan pulunu hansı formada olur-olsun, dövlət, xüsusən də bu cür zəngin dövlət tapıb verməlidir. Sonradan “Azərsığorta” bu pulu ödəməmək üçün Ali Məhkəməyə müraciət edibdir. Ali Məhkəmə müraciət edib Konstitusiya Məhkəməsinə, Konstitusiya Məhkəməsi də qərar çıxarıb ki, bu pul ödənməlidir, amma Milli Məclisə tövsiyə olunsun ki, bunun qaydalarını müəyyən edən proseduru həll etsin, ondan sonra bunu verəcəyik. Konstitusiya Məhkəməsinin Milli Məclisə tövsiyə vermək hüququ yoxdur. Bizim belə bir qayda müəyyən eləməyimiz doğru deyil, qanun qəbul etmişik və qanun da icra olunmalıdır. Bu dövlət bunu hətta mərhələ-mərhələ edə bilər və vətəndaş da narazı qalmaz.
İndi mən fasilədə bayıra çıxanda həmin ailələrin nümayəndələri qapının ağzını kəsib durmuşdular, yenə də prob-lemlərini dilə gətirdilər. Bu nəyə görə vacibdir? Biz müha-ribə aparan ölkəyik. Sabah və ya nə vaxtsa müharibə ola biləcəyi istisna deyil. Vətən üçün müharibəyə gedən, şəhid olan insanın haqqı bu gün əgər verilmirsə, sabah kimi sti-mullaşdıraraq və ya vətənpərvərlik duyğusu yaradaraq müharibəyə sövq edəcəksiniz? Ona görə də bu məsələdə çox ciddi, məncə, siyasi tərəfini də düşünərək addım atılması vacibdir.
İkinci bir məsələ. Biz dəfələrlə məcburi tibbi sığorta məsələsini qeyd etmişik. Mən ona görə deyirəm ki, vətəndaşın bu problemi həll olunmayınca, nə qədər gözəl infrastruktur olur-olsun, vətəndaş ondan razı qalmayacaqdır. Baxın, 15 ildən çoxdur, bu barədə danışırıq, hələ də icbari tibbi sığorta agentliyi yaradılmayıb. İndi subyektiv, obyektiv səbəbləri bir tərəfə qoyuram. Heç olmasa, son vaxtlar statistikaya diqqət etsəniz, uşaqların çox ağır xəstəliklərə mübtəla olmasının şahidi olarsınız. Bu uşaqların səhiyyə xərclərinin müəyyən dərəcədə çəkilməsi üçün hökumət sığorta agentliyinin yaradılmasına 15–20 milyon manat ayırmalıdıır. Bu məbləğ elə müəyyən oluna bilər ki, 20 mindən yuxarı məsrəfi olan xəstəliklərin müalicəsi üçün bu sığorta agentliyi tərəfindən vəsaitin ödənilməsini təmin etmək mümkün olsun. Müalicəsi ölkə daxilində mümkün olmayan uşaqlar fond üçün prioritet olmalıdır. Elə ailələr var ki, Almaniyaya çıxa bilmirlər. Hamı zəngin deyil ki, hamının imkanı yoxdur, bunu təmin etsin. O baxımdan da bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Çünki bu xəstəliklərin mövcud olması gələcəkdə, ümumiyyətlə, genefondun xəstə vəziyyətə gəlməsinin əsas səbəblərindən biri olacaq. Eybi yox, yaşlılar ömürlərinin müəyyən hissəsini yaşayıblar, heç olmasa, uşaqların xilası üçün müəyyən addımlar ataq.
Təhsil məsələsi ilə bağlı. Dəfələrlə bu məsələ qaldırılıb. Xatırlayırsınızsa, bu yaxınlarda yağış yağanda bir orta məktəbin çardağı çökdü, bütün otaqlar müəyyən dərəcədə sıradan çıxdı. Bu məsələlərə, məncə, ciddi baxmalıyıq. Hansı şirkətlər bu işi üzərinə götürürsə, onlara nəzarət edilməlidir, orta məktəb strukturunun bu səviyyədə təhvil verilməsinə imkan verilməməlidir. Məncə, orta məktəblərdə tez-tez qeyd olunur, müəllimlərin, həkimlərin maaşı nə qədər ki büdcədə 5 faiz, 15 faiz artırılır, konkret olaraq müəllimin həyat səviyyəsi yüksəlmir, müəllim yaxşı yaşamır. Repetitor fəaliyyəti ilə məşğul olan müəllimlər istisna olmaqla, qalanları yaxşı yaşamır. Repetitor da özünün fiziki imkanları hesabına bu fəaliyyətlə məşğul olur, ailəsindən kəsdiyi vaxtı müəyyən uşaqlara həsr edir ki, 5 manat çörək pulu qazansın. Bəlkə biz təhsilin keyfiyyətini yüksəltmək üçün diferensial maliyyələşmə mexanizminə keçək? Yəni məktəbləri artıq təsnifləndirək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 9–11-ci siniflər üzrə buraxılış imtahanlarına və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən müəllimlərin reytinqi müəyyən olunsun. Bu reytinqlərdə şagirdlərin qiymətlən-dirmə sisteminə uyğun olaraq məktəbin fəaliyyətinə, deyək ki, 5 bal verilirsə, hökumət bir şagird üçün baza xərci müəyyən edir və məktəblərin reytinqinə uyğun olaraq onların xərclərinə artırıcı əmsallar tətbiq edilir. Məsələn, 5 qiymət alan məktəblərə 1 şagirdə düşən xərc 50 faiz, 4 qiymət alan məktəblərə 30 faiz artırılır, 1, 2, 3 bal alan məktəblərə isə heç nə artırılmır, həmin baza qiymətləri verilir. Artıq bu stimullaşdırma ilə yaxşı müəllimlə pis müəllimin fərqi ortaya qoyulur və keyfiyyətli müəllimə daha çox vəsait ödənilməsi məsələsi həyata keçirilir. Bunu pilot qaydada da tətbiq etmək olar. Amma bütövlükdə məktəblər arasında bu həm də rəqabətin yaranmasına gətirib çıxara bilər.
Bələdiyyələrlə bağlı. Hər dəfə bələdiyyələrlə bağlı söhbət edirik. 2015-ci ildə bu məqsəd üçün, ümumiyyətlə, vəsait ayrılmayıb. Bələdiyyələrə icmaların inkişafı ilə bağlı diqqət edirsinizsə, ən vacib sosial layihələr – içməli su təminatı, yol çəkilişi, yaşıllıqların bərpası və sairlə bağlı, heç olmasa, 10–15 milyon manat məqsədli transfert ayrılması vacibdir. Maliyyə Nazirliyi bu vəsaiti layihə-müsabiqələr keçirməklə də ayıra bilər. Artıq belə təcrübə hökumətdə var. QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu istiqamətdə müəyyən layihələr elan etmiş və həmin layihələr həyata keçirilmişdir. Bu vəsaitin ayrılması ən azı alt səviyyədə dediyim içməli su və başqa problemlərin, bizə kiçik görünən problemlərin həllinə gətirib çıxara bilər.
İpoteka məsələləri ilə bağlı deyildi. Artıq biz bilirik ki, Azərbaycan dövlətinin kifayət qədər vəsaiti var və xarici ölkələrdə daşınmaz əmlak da alınır. Bizdə daşınmaz əmlaka kifayət qədər pul yatırılır. Bu necə ola bilir, xaricdə daşınmaz əmlaka pul yatıran bir ölkədə əhalinin əhəmiyyətli hissəsi kirayədə yaşayır. Kirayə problemini həll etmək də çox rahat bir məsələdir. Sosial ipoteka formasında bunu həll etmək olar. Yəni bunu həll etmək üçün, – burada deputat həmkarlarım qeyd etdilər, – ən azı ayda 150–160 manat səviyyəsində ödəniş imkanları yaratmaqla gəliri az olan ailələrə ən azı 25–30 il müddətində dövlət tərəfindən alınmış evlərin kirayə formasında verilməsini təmin etmək olar. İpoteka məbləğinin də 50 milyona qaldırılması o demək deyil ki, bu sahədəki problemlər həllini daha çevik və tez tapacaq. Bu günə qədərki vəziyyət onu göstərdi ki, çox az sayda insan bu imkanlardan yararlanaraq müəyyən problemi həll edə bilib. Mən hesab edirəm ki, bu fürsətdən, indiki şəraitdə, heç olmasa, ölkənin zənginliyindən istifadə edərək əhalinin aztəminatlı hissəsinin ən azı, mənzillə təminolunma məsələsini həll etmək lazımdır. Bu günlərdə bir universitetin müəllimi vəfat etdi. Mən bilirəm ki, 1971-ci ildən bu adam 17 kvadratmetrlik bir mənzil sahəsində yaşayıb. Pul da verib, dələduzluqla mənzili 4 adama satıblar. Bu insanlar 100 dənə problemlə qarşılaşırlar. Onlar adi bir ömür yaşayırlarsa, ən azı, kiçik problemlərinin həllinə köməklik göstərmək lazımdır.
Mən ümid edirəm ki, burada səslənən fikirləri hörmətli maliyyə nazirimiz, hökumət üzvləri də nəzərə alacaqlar. Büdcə layihəsi ilə bağlı, yəqin ki, bir neçə gündən sonra müzakirələrdə bunun real nəticəsini görəcəyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və qonaqlar! Azərbaycan Respublika-sının 2015-ci il dövlət büdcəsinin qanun layihəsi parlament komitələrinin bir yerdə keçirdikləri iclaslarda geniş müza-kirə olundu. 2015-ci il dövlət büdcəsinin qanun layihəsi mükəmməl sənədlər zərfi şəklində yüksək peşəkarlıqla hazırlanaraq Milli Məclisin üzvlərinə təqdim edildiyi üçün başda maliyyə nazirimiz olmaqla bu işdə əməyi olan bütün əməkdaşlara öz təşəkkürümü bildirirəm. Qeyd etmək istəyi-rəm ki, düzgün qoyulmuş büdcə siyasəti ölkəmizi sosial-iqtisadi inkişafda özünü göstərmiş, dünyanın lider ölkələri ilə rəqabət apara biləcək güclü və dinamik artan iqtisadiyyatı olan ölkəyə çevirmişdir.
2015-ci ilin dövlət büdcəsi investisiya yönümlü olmaqla Azərbaycanın gələcək inkişafına istiqamətlənmişdir. Ayrı-ayrı investisiya layihələrinin proqramlara uyğun həyata keçirilməsi, demək olar ki, ölkənin sosial-iqtisadi infrastrukturunu dəyişərək onu müasirləşdirmişdir. Bütün bu uğurların əsasında ölkə başçımızın rəhbərliyi altında həyata keçirilən iqtisadiyyatın tam diversifikasiyası siyasəti durur. Artıq Azərbaycanda elə bir sahə yoxdur ki, orada hər hansı layihə həyata keçirilməsin, o, inkişafdan kənarda qalsın.
Təmsil etdiyim Qusar rayonunda cənab Prezidentin diqqət və qayğısı ilə həyata keçirilən çoxsaylı investisiya layihələrinin icrası nəticəsində rayonumuz müasirləşməkdədir. Yollar düzəldilir, məktəblər tikilir, səhiyyə müəssisələri yenidən qurulur. Qusarda böyük turizm layihələri icra olunmaqla o, turizm mərkəzinə çevrilməkdədir. Lakin bununla yanaşı, Qusar rayonunda da öz həllini tapmamış bir sıra vacib məsələlər qalmaqdadır ki, seçicilərlə görüşlərimiz zamanı onlar öz narahatlıqlarını bildirir və gələn ilin dövlət büdcəsinin müzakirələri zamanı həmin məsələlərin səsləndirilməsini xahiş edirlər.
Birinci məsələ. Qusar rayonunda qazlaşma prosesi çox yavaş aparılır və rayon sakinləri də qazlaşmadan kənarda qaldıqlarına görə həm qəbullar, həm də görüşlər zamanı mütəmadi olaraq öz narahatlıqlarını hökumət üzvlərinə çat-dırmamı xahiş edirlər. Rayonun 90 yaşayış məntəqəsindən cəmi 27-si təbii yanacaqla təmin olunmuşdur, bu da rayon əhalisinin 28 faizini təşkil edir. Şahdağ turizm kompleksinə qaz xətti çəkilən zaman magistral boru vasitəsilə yaxın ətraf kəndlərin qazlaşdırılması nəzərdə tutulmuşdu. Hətta yaşayış məntəqələrinə xətlərin çəkilməsi üçün çıxışlar da saxlanılmışdı. Yəni Avaran, Xurət kəndləri başda olmaqla az maliyyə xərcləməklə magistral xəttin ətrafındakı 9 kəndin qısa zamanda qazlaşdırılması mümkündür.
İkinci məsələ Qusar şəhərinin mərkəzində yerləşən və qəzalı vəziyyətdə olan 2 saylı uşaq bağçasının yenidən tikilməsi ilə əlaqədardır. Keçən ilin büdcə layihəsinin müzakirələri zamanı məsələ ilə əlaqədar fikrimi səsləndirmişdim, əlaqədar təşkilatlara da müraciət etmişəm. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən bildirilib ki, gələn ilin investisiya planı çərçivəsində məsələ öz həllini tapacaq. Amma yenə də təkrarən İqtisadiyyat və Sənaye, Maliyyə nazirliklərindən qeyd etdiyim bu iki məsələnin 2015-ci ilin dövlət investisiya proqramına salınaraq həll olunması üçün tapşırıq vermələrini xahiş edirəm.
Ziyad müəllim də qeyd etdi, aqrar sahənin stimullaşdırıl-ması məsələsinə, xüsusilə emal müəssisələrinin regionlarda inkişaf etdirilməsinə yenidən baxılmalıdır. Emal müəssisə-ləri tərəfindən satın alınan kənd təsərrüfatı məhsullarının alış qiymətləri bazara uyğun şəkildə, fermerlərin rentabelliyini gözləməklə hökumət tərəfindən müəyyən edilməlidir. Regionlarda emal sənayesi müəssisələrinın sayı artırılmalıdır ki, emal müəssisələrinin alış qiymətlərində rəqabət yaransın. Mövcud emal müəssisələri tərəfindən kənd təsərrüfatı məhsullarının maya dəyərindən aşağı qiymətlərlə alışı davam edərsə, aqrar sahəyə qoyulan maliyyə vəsaitlərinin əhəmiyyəti olmayacaq və nəticədə min bir zəhmətlə becərilərək meydana gələn meyvə bağlarının perspektivliyi, düşünürəm ki, gözlənilmir. Büdcə layihəsinə səs verəcəyəm, həmkarlarımı da onu dəstəkləməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hökumət üzvləri və media mənsubları! Müzakirə etməkdə olduğumuz büdcə layihəsi haqqında məndən əvvəl səsləndirilən bütün müsbət fikirlərə qatılaraq mən də hazırlanan büdcə layihəsi ilə bir qürur hissi duyduğumu bildirirəm. Burada rəqəmlər səsləndirildi, hesab edirəm ki, bunlar sadə rəqəmlər deyil. Qəbul edərsiniz ki, bu rəqəmlərin hər birinin arxasında Azərbaycanın bütün sahələr üzrə əldə etdiyi böyük nailiyyətlər, durmadan yüksələn inkişaf tempi, vətəndaşlarımızın rifah halının yüksəlməsi, bir sözlə, konkret olaraq ifadə etsək, ölkəmizin nəhəng uğurları dayanır. Əlbəttə, bütün bu uğurlara aparan yol öz başlanğıcını cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, miqyasa gəlməz böyük quruculuq işlərindən, uğurlu daxili və xarici siyasətdən, hər bir Azərbaycan vətəndaşına yaxşı Prezident olmağı bacarmaqdan keçir. Məhz bu siyasət nəticəsində vətəndaşlarımız hər an dövlətin diqqətini, qayğısını və himayəsini hiss edirlər. Mən çox böyük bir əmək sərf edilərək hazırlanmış və Azərbaycanın real imkanlarına söykənən bu büdcə layihəsinə səs verəcəyəm və deputat həmkarlarımı da bu layihəyə səs verməyə dəvət edirəm.
Eyni zamanda, önümüzdəki il büdcə layihəsi həyata keçirilərkən bəzi məqamlara da diqqət ayrılmasını hökumət üzvlərindən xahiş etmək istəyirəm. Daha əvvəlki illərdə də səsləndirmişdik, bu təklif aztəminatlı ailələrin mənzil prob-lemi ilə bağlıdır. Bu fikir dəfələrlə mənim deputat həmkar-larım tərəfindən də səsləndirilir. Düşünürəm ki, bu, yeni bir fikir deyil. Amma bir daha fürsətdən istifadə edərək bu tək-lifi qırmızı bir xətlə önə çəkməyi özümə borc bilirəm. Aztə-minatlı ailələrin sosial mənzillə təmin edilməsi məsələsi. Dövlətimizin imkanları, düşünürəm, buna əsas verir ki, mənzilə ehtiyacı olan evsiz və aztəminatlı təbəqə üçün uzunmüddətli güzəştli şərtlərlə evlərin inşa edilməsi məqsədi ilə büdcədən vəsait ayrılsın. Bu gün ölkəmizdə müharibə əlilləri və şəhid ailələri üçün binalar və fərdi evlər inşa edilir.
Bu qəbildən olan digər bir təklifim həmin tikintilərin limitinin artırılmasıdır. Konkret olaraq deputatı olduğum Zərdab və Ucar rayonlarında uzun illərdən bəri mənzil növbəsində duran əlil və şəhid ailələrinin yaşayış səviyyəsini yüksəltmək və bu problemi həll etmək üçün maliyyə vəsaitinin ayrılmasını xahiş edirik. Söhbət seçildiyim rayonlardan düşmüşkən, hər iki rayonun – Zərdab və Ucar rayonlarının ayrı-ayrı kəndlərinin qaz təminatının sürətləndirilməsi, bu rayonlarda məktəb üçün tikintilərin artırılması, daxili yolların təmiri və bərpası, bir-birindən uzaq məsafədə yerləşən kəndlərdə yaşlı insanların gediş-gəlişini asanlaşdırmaq üçün bankomatların quraşdırılmasına maliyyə vəsaitinin ayrılmasını xahiş edirəm.
Növbəti bir xahişim tez-tez müzakirə edilən bir təkliflə bağlıdır. Bu da müəllimlərin və həkimlərin məvacibinin artırılması məsələsidir. Cənab Prezidentin ölkə müəllimlə-rinə və həkimlərinə xüsusi bir diqqətlə yanaşaraq onlara dövlət qulluqçusu statusunun şamil edilməsi üçün Nazirlər Kabinetinə verdiyi tapşırığın icrasının sürətləndirilməsi, yəqin ki, hamımızın ürəyincə olar.
Digər bir təklifimiz isə mədəniyyət sahəsi ilə bağlıdır. Burada oturan insanların çox böyük bir hissəsi sovet dövrünün insanlarıdır. Hər birimizin yadındadır ki, bizə məktəblərdə teatra getmək üçün cüzi, simvolik bir qiymətə aylıq abonent verilərdi. Məqsəd də uşaqlarda, yetişməkdə olan nəsildə mədəniyyətə, sənətə olan sevginin formalaşdırılması və inkişafı idi. Lakin indi bu ənənə aradan qalxıb. Mən səbəbini öyrənmək istəyərkən mənə deyildi ki, bu, məktəblərdə bəzən səbəbsiz yerə pul yığılması və ya digər neqativ halların aradan qaldırılması ilə bağlı olaraq atılmış bir addımdır. Əlbəttə, bu, əslində, düzgün bir addımdır. Ancaq olan uşaqlarımıza olur. Gəlin, qəbul edək ki, onsuz da ədəbiyyatdan, qiraətdən, ciddi sənətdən getdikcə uzaqlaşan yetişməkdə olan yeni nəsil teatr mədəniyyətini də unutmağa başlayır. Təklif edirəm ki, bununla bağlı büdcədən əlaqədar təşkilatlara, – yəqin ki, konkret olaraq bu, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və ya eyni zamanda, hər ikisi ola bilər, – cüzi bir miqdarda əlavə maliyyə ayrılsın. Bu, həqiqətən, kifayət qədər cüzi bir rəqəmdir. Hesab edirəm ki, güclü büdcəmizdən bir miqdar vəsait ayırmaq hesabına biz böyü-məkdə olan böyük bir nəslin zövqünün, mənəviyyatının formalaşmasında rol oynaya bilərik. Mən bir daha layihəni hazırlayanlara təşəkkür etmək istəyirəm və bu layihəyə səs verəcəyimi bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Kamilə Əliyeva.
K.Əliyeva. Təşəkkür edirəm. Çox hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Son illər ərzində aparılan çoxşaxəli və davamlı islahatlar ölkəmizin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsinə imkan verir. Bu da dinamik sosial-iqtisadi inkişafı və vətəndaşların rifah halının yaxşılaşmasını təmin edir. Məqsədyönlü iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan ortagəlirli dövlətlər sırasına daxil olur. İnkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını tələb edir.
Ümumiyyətlə, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strate-giyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Biz bu strategiyanın uğurlu nəticələrini bütün sahələrdə ay-dın görürük. Belə ki, 2014-cü ildə rabitə sahəsi 12,6 faiz, nəqliyyat sahəsi 5 faiz, tikinti sahəsi 9,6 faiz, kənd təsərrü-fatı 5,8 faiz artmışdır. Bu baxımdan 2015-ci ilin dövlət büdcəsi də sosial yönümlüdür.
Belə ki, 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 731 manat, əmək qabiliyyətli əhali üçün 140 manat müəyyən edilmişdir. Sevindirici haldır ki, bu ilin dövlət büdcəsində təhsilə kifayət qədər, yəni 1 milyard 711 milyon manatdan artıq vəsait ayrılmışdır. Bu baxımdan təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət daşıyır. Statistikaya görə bu gün ölkədə ixtisaslı fəhlə peşələrinə 13 min vakant iş yeri vardır. Lakin müəssisə rəhbərləri müəyyən ixtisas tələb edən işçiləri xarici dövlətlərdən dəvət edirlər.
Digər tərəfdən hər il Azərbaycan Respublikasında tam orta təhsil bazasını bitirən məzunların sayı 100 mindən çoxdur. Bunlardan yalnız 35 minə yaxını plan üzrə ali məktəblərə daxil olur. Belə çıxır ki, hər il əmək bazarına heç bir ixtisası və səriştəsi olmayan 70 minə yaxın gənc daxil olur. Bunun üçün biz ilk növbədə ixtisas peşə təhsilinin səviyyəsini artırmalı və onların maddi-texniki bazasını yüksəltməliyik. Lakin nədənsə büdcə layihəsində orta ixtisas təhsilinə 44 milyon manatdan artıq vəsait ayrıldığı halda, ilk peşə təhsilinə 34 milyondan bir az artıq vəsait ayrılmışdır. Biz orta məktəbi bitirib yerdə qalan 70 faizə qədər məzunu ilk peşə-ixtisas məktəblərində təhsil almağa yönəltməliyik. Bu həm də gələcəkdə işsizlik səviyyəsinin aşağı düşməsinə səbəb olacaqdır. Ona görə də maliyyə naziri cənab Samir Şərifovdan xahiş edərdim ki, ilk peşə təhsilinə ayrılan vəsait mümkün qədər artırılsın.
İkinci bir məsələ seçildiyim Balakən rayonu ilə əlaqə-dardır. Hökumət üzvlərinin nəzərinə çatdırmaq istəyirəm ki, əhalinin əkin sahələrini Katex rayonunun sel sularının yumasının qarşısını almaq məqsədilə bəndlər salınmalıdır. Əks təqdirdə insanların indi üzləşdiyi bu problem daha da dərinləşəcək və əhaliyə məxsus yüzlərlə hektar torpaq sahəsi su altında qalacaq. Bu barədə Nazirlər Kabinetinə müraciət etmişəm. Müraciətdən sonra Nazirlər Kabineti Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə vəziyyəti öyrənmək üçün göstəriş vermişdir. Mütəxəssislər tərəfindən ərazidə monitorinq keçirilmiş və qaldırılan məsələnin, həqiqətən, vacib olduğu bildirilmişdir. Mütəxəssislər tərəfindən həmin layihənin yerinə yetirilməsi üçün 2 milyon 560 min manatın tələb olunması göstərilmişdir. Ona görə də xahiş edərdim ki, məsələnin ciddiliyini nəzərə alıb, büdcədən vəsait ayrılmasını təmin edəsiniz. Sonda büdcənin hazırlanmasında əməyi olan hər bir kəsə mən də öz minnətdarlığımı bildirir və həmkarlarımı büdcəyə müsbət səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab vitse-spiker, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Burada qeyd olunduğu kimi, biz büdcəni müharibələr, sanksiyalar, embarqolar, ticarət embarqoları şəraitində müzakirə və qəbul eləyirik. Bu da, şübhəsiz ki, bizə o vəziyyətə baxmağa, müxtəlif bu cür paralellər aparmağa, ölkəmizin vəziyyəti və gələcəyi haqqında daha dərindən düşünməyə əsas verir. Lakin qeyd etdiyim sanksiyaların ünvanı olan Rusiya və ya keçmişdə sanksiyaların başqa bir ünvanı olan İranın yerləşdiyi bölgədə Azərbaycan elə bir çevik siyasət yürütməyə çalışır ki, qeyd etdiyimiz bu iqtisadi-siyasi kataklizmlərdən ölkə qoruna bilsin. Amma düşünürəm ki, elə Rusiyanın özünün son dövrlər hökumət səviyyəsində atdığı addımlar sübut edir ki, bizim hökumət daha çevik addımlar atmalıdır. Mən Rusiya hökumətinin modellərini başqa bir dövlət üçün vacib saymıram. Amma orada izlədiyim hökumət təmsilçilərindən biri olan Qerman Qreft tez-tez deyir ki, əgər biz rus xalqını əməyə alışdıra bilsək, ideyalarla işləməyi bacarsaq, texnoloji cəhətdən geriliyimizi aradan qaldırsaq, heç bir sanksiya bizə təsir eləməyəcək. Düşünürəm ki, bu fikirlər eyni dərəcədə bizə də aiddir. O mənada ki, biz də Qərbdən müəyyən mənada texnoloji asılılıqdayıq. İnnovasiyalar gəlməlidir, ideyalarla işləməyi, idarəetmə sistemləri ilə davranmağı bacarmalıyıq. Bu mənada zənn edirəm, hökumətin üzərinə düşən ən mühüm vəzifələrdən biri xırda və orta sahibkarlığa daha böyük diqqətin ayrılmasıdır ki, neftin ixracında bəlli rəqəmlər aşağı düşsün.
Bu gün müharibələr kimlər üçünsə faciədir, kimlər üçünsə də fürsətdir. İranın məruz qaldığı sanksiyalar fonunda Türkiyədə minlərlə kompaniya və firmalar yaranmışdı və o ölkədən qazanırdılar. Bu gün əgər Azərbaycanda müxtəlif firmalar, kompaniyalar Avropa məhsulunu Rusiyaya vermək istəsə, Azərbaycanın bütün hökumət sistemi buna yardımçı olmalıdır. Çünki dediyimiz kimi, həmin məkanda böyük bazarlar boşalıb.
İkinci toxunmaq istədiyim məsələ təhsil ilə bağlıdır. Əlbəttə, etiraf eləmək lazımdır ki, yeni nazir hansısa addımlar, islahatlar ilə bu sistemdə dəyişikliklər, keyfiyyət yenilikləri etməyə çalışır. Lakin çox təəssüf ki, ən önəmli məsələ – müəllimin vəziyyəti, sosial durumu dəyişmir.
Bakı civarında, Bakı miqyasında müəllimlərin biliyinin qiymətləndirilməsi üçün bir sınaq imtahanı keçirildi. Amma sonra deyildi ki, bu hər hansı bir şəkildə əmək haqlarına təsir göstərməyəcək. Daxili testdir, özümüz üçün gərəklidir və sair. Belə olmamalı idi. Düşünürəm ki, nəhayətdə biz həm də onu nəzərə almalıyıq ki, 2015-ci il seçki ilidir, yenə də həssas təbəqə olan müəllimlər müxtəlif siyasi qüvvələrin maraq obyektində olacaqlar. Onların diqqətini cəlb eləmək üçün əmək haqlarının 5 və ya 10 dəfə artırılması təklifi və təşəbbüsü ilə çıxış eləyəcəklər. Bizim də burada parlament üzvləri olaraq dilə gətirdiyimiz mövqe Təhsil Nazirliyinə unikal bir model vermək deyil. Bizim məqsədimiz, əlbəttə ki, hamımızın güvəndiyi bir təhsil sisteminə malik olmaqdır.
Ona görə də təklif edirəm ki, müəllimlərin vəziyyətinin yaxşılaşdırılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komis-siyasına müəllim biliyinin qiymətləndirilməsi səlahiyyəti verilsin, amma bu iş könüllülük əsasında olsun. Bəyan olunsun ki, o müəllimlər ki gəlib öz biliklərinin könüllü şəkildə qiymətləndirilməsində maraqlı olacaqlar, onlar 2 və ya 3 dəfə artıq maaş alacaqlar. Mən əminəm ki, ölkənin maliyyə naziri və təhsil naziri bu məsələni bir model halında ölkə başçısı qarşısında məruzə etsə, məsələ dəstək qazanacaq. Bu halda 180 minlik müəllim ordusunu attestasiya eləmək, bunların yarısını nə edək, peşəkardır, qeyri-peşəkardır sualları qarşısında qalmayacağıq. Hər kəs barmaq ilə göstərə biləcək ki, buyur, get, biliyin qiymətləndirilməsi testindən keç, bu halda dövlət sənə daha artıq maaş almaq imkanı verəcək. Belə vəziyyətdə düşünürəm, həmin o sertifikat ala biləcək müəllimləri, məsələn, 20 il qüsursuz işlədiyinə görə hərbçilərə ev verdiyimiz kimi, jurnalistlərə ev verdiyimiz kimi, o kateqoriyaya da ev verə bilərik. Ya da, heç olmasa, o müəllimləri ipoteka ilə ev təminatına layiq görə bilərik. Əlbəttə, mən əminəm ki, hər bir nazir istəyər ki, ictimai sta-tusu güclü olan bir struktura, kontingentə rəhbərlik eləsin. Şübhəmiz yoxdur ki, təhsil naziri də bunu istəyir. Amma düşünürəm ki, bu proses o qədər sürətli olmalıdır ki, düşün-dükləri məsələ xoş məramla sona çatsın. Hazırda isə çox ciddi gecikmələr, ləngimələr var.
Mən vətəndaşların mənzil təminatı ilə bağlı məsələyə to-xunmaq istəyirəm. Statistika üzrə ölkənin mənzil fondu 500 milyon kvadratmetrdən artıqdır. Bir vətəndaşa 18 kvadrat-metr sahə düşür. Amma gəlin, mənzil fonduna baxaq. Hər il orta məktəbi qurtaran şagirdlərimizin sayı, yəni məzunların sayı 120–130 mindir. Nəzərə alsaq ki, bunların 50 faizi oğlan və ya qızdır, 5 ildən sonra bunlar ailə quracaqlar, beləliklə, 60 min mənzilsiz insan, –illah da nəzərə alsaq ki, biz Şərq xalqı olaraq valideynlərin yanında yaşamaq istəmirik, istəyirik, yeni evlərə köçək, – bu bazara daxil olur. Böyük hissəsi Bakıya gəlir, əmək bazarı sıxlaşır, mənzil bazarı bahalaşır və sair. Ona görə hökumətin siyasəti belə olmalıdır ki, iş yerlərinin açılması, mənzil fondu, təhsil müəssisələrinin köçürülməsi rayonlara yönəlsin, çünki rayonlar ölkə büdcəsinə cəmi 820 milyon manat vəsait verir. Biz isə 10 dəfə artıq, yəni 8 milyard 100 milyon veririk. Dediyim məsələ onda dəyişmiş olacaq.
Başqa bir məsələ dövlət qulluğu ilə bağlıdır. Mən keçən dəfə toxundum, əlbəttə, ideya o idi ki, burada qohumluq, tanışlıq, başqa özəl vasitələr işləməsin. Bizim də yaxamız qurtarsın. Hamı təhsilini başa vuranlara desin ki, gedin, dö-vlət qulluğu imtahanlarından keçin və bu prosesi qazanın. Mən indi bir statistika demək istəyirəm. 7 il ərzində 45 min insan o dövlət qulluğuna imtahanlardan keçib. Onlardan cəmi 4 mini o adı qazanıb, 41 min insan isə dövlət qulluğuna layiq görülməyib. Mən düşünürəm ki, bu elə universitetlərin işinə onların münasibətidir. İnanmıram ki, Azərbaycan universitetləri dövlət qulluğu üçün gərəkli kadrlar yetişdirə bilməsin. Deməli, dövlət qulluğu sisteminin özündə çox ciddi problemlər var. Mən hökumətə təklif edirəm ki, həmin qurumu ləğv eləsin. Onun əvəzində xaricdə oxuyanlarımız da daxil olmaqla, onları dövlət vakansiyalarında, – nə qədər vakansiyalarımız qalır, – yerləşdirsin və bunu qanunvericiliklə möhkəmləndirəcək bir sistem halına gətirmiş olsun. Bu halda mən düşünürəm ki, həmin qurum daha effektli işləyə biləcək, həm də hər hansı şəxsi ikinci mərhələdə şikəst eləməklə məşğul olmayacaq.
Mən Azərbaycanda xarici borclarla bağlı vəziyyətin ürəkaçan olduğunu hökumətin dilindən eşidirəm. Hər birimiz bununla qürur duyuruq. Azərbaycan dövləti güclüdür, varlıdır. Bizim cəmi 5 milyard manat xarici borcumuz var. Bu da ümumi daxili məhsulun 8,5 faizini təşkil edir. Lakin ölkədə vətəndaşın borcu var. Kredit almış 2,5 milyon insanın bir milyard manat borcu var. Problemli kreditlərin səviyyəsi ildən-ilə artmaqdadır. Hörmətli Elman müəllimə çox subyektiv fikrimi deyəcəyəm ki, həmişə azarkeşliklə baxıram, onun fundamental ideyalarını çox sevərək dinləyirəm. Amma bu kredit siyasəti vətəndaşları müflis edir, evlərindən məhrum edir, evlərini dağıdır. Bu kredit siyasəti dəyişməlidir. Mən ona görə hökumətə təklif edirəm ki, nəhayət, 30–40 faizə gəlib çatan kredit siyasətini dəyişsin.
Mən səhiyyə ilə bağlı bir məsələni də qaldırmaq istəyi-rəm. Əlbəttə, 200 milyon manata yaxın vəsait hemofiliyalı xəstələr, HIV daşıyıcıları, böyrək çatışmazlığı və sairdən əziyyət çəkən xəstələr üçün müəyyənləşdirilir. Bu, qürur duyulası dövlətdir. Heç bir ölkədə dövlət bu qədər vəsaiti sadəcə vermir. Amma gəlin, heç olmasa, bu vəsaitdənsə, – dövlət qulluqçularının sayı 31 mindir, – onların məcburi tibbi sığortasına keçək. Yəni bizim ömrümüz parlament üzvü olaraq 64 min manata sığortalanır, 5–10 il deputat olurlar, sonra o vəsaitlər sanki hansısa bir yerdə qalır. Biz az qala ölməliyik ki, o pulu alaq. Ona görə, heç olmasa, dövlət qulluqçularının bu vəsaiti alması və pul verməkdən, həkimlə təmasdan xilas olması üçün, heç olmasa, bu siyasətə keçilsin.
Çıxışımın sonunda mən təklif edirəm ki, – Silahlı Qüvvələrə yardım fondunda 53 milyon manat vəsait yığılıb, bu, o dövrdə idi ki, vətəndaşlar da ordunun formalaşmasına kömək göstərirdilər, ancaq indi Azərbaycan dövlətinin resursu çoxdur, – o qurumun adı dəyişdirilsin və Qarabağa yardım fondu adlansın, bu halda onun təyinatı üçün də mühüm məsələlər meydana çıxmış olacaq. Mən düşünürəm ki, Azərbaycanın büdcəsi həm islahat yönümlü, həm şəffaf, həm də təyinatı üzrə olacaqdır. Bu, Azərbaycan dövləti başçısının siyasətidir. Bu mənada bizim verdiyimiz təkliflər də büdcənin güclənməsi üçündür. Əminəm ki, hörmətli Samir müəllim bu təklifləri dəyərləndirərək 5–10 gündən sonra bu məsələlərə qayıdacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Zahid müəllim. Neyləyirsiniz eləyin, amma ölməyə tələsməyin. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri, hörmətli media mənsubları! 2015-ci ilin büdcəsi ümumi daxili məhsulun 4,4 faiz, inflyasiyanın 2,3 faiz, manatın dollara olan məzənnəsinin 78 qəpik, xarici dövlət borcumuzun ümumi daxili məhsulun 8 faizi ətrafında, neft sektorunda 1,5 faiz enmə fonunda, qeyri-neft sektorunda 8 faizdən artıq artımın olacağı şəraitdə, neftin qiymətinin 90 dollar ətrafında götürülməsi əsasında tərtib edilib. Bunun nə qədər optimal olmasını qeyd eləmək üçün bircə cümlə işlətmək kifayətdir. Ad çəkmədən deyirəm ki, bəzi ölkələr neftin qiymətini və milli valyutalarını düzgün proqnozlaşdırmadıqlarına görə 2015-ci ilin büdcəsinə büdcə ili başlamamışdan əvvəl fiasko ilə başlayacaqlar.
Amma Azərbaycan büdcəsi bu qeyd elədiyim göstəricilər ətrafında kifayət qədər optimal parametrlər üzərində qurulduğundan müsbət qiymətləndirmək lazımdır. 2015-ci il büdcəsinin riskləri Azərbaycanın ümumi iqtisadi risklərindən daha azdır. İstənilən ssenaridə, yəni neftin qiymətinin hansı səviyyəyə enməsindən asılı olmayaraq, Azərbaycan hökuməti 2015-ci ilin büdcəsi çərçivəsində götürdüyü sosial öhdəlikləri yerinə yetirə biləcək. 2015-ci ilin büdcəsində kəsir yüksək rəqəmlə göstərilsə də, qırmızı xətdən aşağı olduğuna görə o heç bir vəchlə inflyasiya mənbəyi ola bilməyəcək. Bununla belə, bir sıra məqamlar üzrə təkliflərimizi bildirmək istərdim.
Birinci, geosiyasi arenada və dünya iqtisadiyyatında ka-taklizmlərin bir-birinə qarışdığı hazırkı şəraitdə biz düşünürük ki, büdcənin optimist, orta və pessimist variantlar üzrə təqdimatına üstünlük verilməsi daha məqsədəuyğun olardı. Onda həm deputatlara, həm də əhaliyə Azərbaycan büdcəsinin optimallığa nə qədər yaxın olması daha əyani şəkildə görünərdi.
İkincisi, Azərbaycan büdcəsinin birbaşa 65 faizi, bəlkə bundan da çox hissəsi neftlə bağlı olduğundan Azərbaycan büdcə siyasətinin bilavasitə mahiyyətini açan lakmus kağızı Dövlət Neft Fondundan götürülən vəsaitlə bağlıdır. Ona görə də təklif edərdik ki, 2015-ci ildə Dövlət Neft Fondundan əlavə 1 milyard vəsait götürülübsə, 2016-cı ildən başlayaraq Dövlət Neft Fondundan vəsaitin azaldılması siyasəti davam etdirilsin. Eyni zamanda, qiymətlərin kəskin surətdə enməsi şəraitində, –söhbət neftin qiymətlərindən gedir, neftin qiymətləri qısa müddət ərzində 20 faiz aşağı düşüb, – qiymətlərin özünün enməsi Azərbaycan hökumətinə büdcə siyasətində əsaslı dəyişikliklərin edilməsinin bir siqnalıdır.
Bu nöqteyi-nəzərdən iki istiqamətdə dəyişikliklərin həyata keçirilməsini zəruri hesab edirik. Birinci növbədə neftdənkənar sahələrdə iqtisadiyyatın şaxələndirilməsi hesabına büdcə gəlirlərinin artırılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var. Bundan ötrü uzağa getmək lazım deyil. 2014-cü il sənaye ili elan olunub, sənaye ili elan olunması ilə əlaqədar cənab Prezidentin təsdiq elədiyi xüsusi tədbirlər planı var, Sevinc xanımın çıxışında o istiqamətdə görülən işlər sadalandı. Amma həmin plana baxanda görürük ki, planda irəli sürülən tədbirlərin xeyli hissəsi hələ yerinə yetirilməyib. Həmin tədbirlərin qrafiklə yerinə yetirilməsi, hesab edirik ki, həm yerlərdə sənayenin inkişafına, həm də büdcəyə çox müsbət təsir göstərəcək.
İkinci, Azərbaycan büdcəsinin gəlirlərinin formalaşma-sına təsir edən mənbələr 20-dən çoxdur, amma həmin mənbələrdən 3-ü – Neft Fondu, əlavə dəyər vergisi, bir də mənfəət vergisi bütün gəlirlərin 80 faizindən çoxunu verir, yerdə qalan 20 hissə haradasa 17 faiz verir. Tək bir misal. Dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsindən 7 milyon pul gələcək. Bu özü göstərir ki, burada xeyli dərəcədə əlavə mənbələr var, həmin mənbələrin də hərəkətə gətirilməsi istiqamətində addımların atılmasını vacib hesab edirik. Büdcə xərclərinin rasionallaşdırılması, büdcə xərcləmələrinin səmərəliliyinin yüksəldilməsi, bu istiqamətdə şəffaflığın artırılması sayəsində əlavə tədbirlərin görülməsinə ehtiyac var.
Eyni zamanda, hesab edirik ki, Dövlət maliyyə nəzarəti haqqında qanunun qəbul edilməsinin gecikdirilməsinə də yol vermək olmaz. Həmin qanunun qəbulu sürətləndirilməlidir. Bunu əyani surətdə izah eləməkdən ötrü mən 2014-cü ilin 6 ayının yekunlarına həsr olunmuş iclasda Azərbaycan Prezidenti cənab İlham Əliyevin qaldırdığı bir neçə məsələyə toxunmaq istərdim. Qazlaşma zəif gedir, onu sürətləndirmək lazımdır. İkinci, bilavasitə bank kreditlərinin faiz dərəcələri xeyli yüksəkdir, aşağı salınması istiqamətində addımlar atılmalıdır. Üçüncü, kənd yollarının çəkilməsi prosesi sürətləndirilməlidir, dördüncü isə regionların su ilə təchizatının yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır.
Onun yalnız birini qeyd eləmək kifayətdir ki, 2009–2013-cü illərin proqramı üzrə dövlət büdcədən 620 milyon manat pul ayırıb ki, regionlarda qazlaşma getsin. Bu istiqamətdə görülən işləri müsbət qiymətləndirirəm. Amma çox təəssüflər olsun ki, bilavasitə Şəkidə həmin proqramda nəzərdə tutulan adbaad 56 kənddən yalnız 17-si, yəni 30 faizi bilavasitə qazlaşdırılıb. Burada da yanaşma bilavasitə iqtisadi yox, sosial və ekolojidir, yəni meşələrin qırılmasının qarşısının alınması, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində yanaşmadır. Buna bilavasitə Energetika Nazirliyi, “Azəriqaz” və digər qurumlar cavabdehdir. Ona görə həmin qurumlara deputat sorğusu kimi müraciət etmək istəyirəm ki, əgər bu, dövlət vəsaitidirsə, dövlət puludursa, bu, çəkilməli idi. Əgər dövlət bilavasitə buna pul ayırmışdısa, deməli, bu, olmalı idi. Niyə indiyə qədər həmin kəndlərə qaz çəkilməyib? Eyni zamanda, o vəsait ayrılıbmı? Ayrılıbsa, hara istifadə olunub? Bu istiqamətdə əlavə arayışların verilməsini məqsədəuyğun hesab edirəm.
Digər tərəfdən isə Hesablama Palatası yaxşı olardı ki, bi-zim qaldırdığımız bu məsələyə diqqət ayırsın və bu istiqa-mətdə araşdırma aparsın, çünki bu, bilavasitə birinci mərhələdə 100 min əhalinin, ikinci mərhələdə isə 17 min Şəki əhalisinin bilavasitə maraqlarına toxunan bir məsələdir. Üst-üstə götürəndə 117 min adamın maraqlarına toxunan bir məsələdir. Ona görə də bu məsələyə diqqətin artırılmasını zəruri hesab edirik.
Sosial məsələlərdən danışanda həmişə mən də bunu müsbət qiymətləndirirəm. Hətta mən hesab edirəm ki, Azərbaycan hökuməti lazım olandan daha çox sosial ağırlığı öz üzərinə götürür. Bir müddətdən sonra problem ola bilər. Ona görə də bazar mexanizmləri vasitəsilə bu məsələnin həllinə üstünlük verilməsini vacib hesab edirik. Əgər biz sosial modelə keçmişiksə, başqa neft ölkələri ilə müqayisəni götürürəm, sosial siyasətə ayrılan xərclər Azərbaycanda 28 faiz, Rusiyada 35 faiz, Qazaxıstanda 40 faizdir. Deməli, bu məsələyə diqqət ayırmağı ona görə qeyd eləyirəm ki, əgər biz büdcə siyasətini dəyişiriksə, mütləq büdcə strukturunun bu istiqamətdə dəyişməsinə böyük diqqət eləməliyik. Sosial ipoteka ilə bağlı qeyd eləmək istərdim ki, indi ayrılan 50 milyonu müsbət qiymətləndiririk. Bu, 1000–1200 ailəni bilavasitə ev ilə təmin edir. Amma bu, evə ehtiyacı olanların 5 faizi deməkdir. Ona görə də sosial evlərin tikilməsinin genişləndirilməsini təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli hökumət üzvləri! 2015-ci ilin büdcə layihəsi ötən ilin iqtisadi göstəriciləri də nəzərə alınmaqla düzgün proqnozlaşdırılmış, gəlir və xərcləri müfəssəl şəkildə təhlil edilmiş sənəddir. Əsasən, pozitiv makro-iqtisadi göstəricilərdən ibarət büdcə layihəsi 2015-ci ildə ölkəmizin iqtisadi durumu haqqında nikbin olmağa əsas verir. Ona görə bizə təqdim olunan 2015-ci il büdcə layihəsini müsbət dəyərləndirirəm.
İndi isə diqqətimi çəkən bəzi nüanslar haqqında fikrimi bildirmək istəyirəm. Layihəyə görə 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri isə 21 milyard 100 milyon manat təşkil edəcəkdir. Ötən ilin proqnozlaşdırılan rəqəmləri ilə müqayisədə hər iki göstəri-cidə artım var. Büdcə kəsiri 1 milyard 662 milyon manat həcmindədir ki, bu da proqnozlaşdırılan 59,8 milyard manatlıq ümumi daxili məhsulun cəmi 2,8 faizini təşkil edir. Nəzərə alsaq ki, dünyanın aparıcı ölkələrinin təcrübəsində büdcə kəsirinin ümumi daxili məhsulda çəkisi 3 faizlik baryerə qədər qəbul olunur, onda bu göstəricini də məqbul hesab etmək olar.
Dövlət büdcəsinin gəlirləri hissəsində ötən ilə nisbətən 1 milyard 54 milyon manat artım var. Son illər dövlət büdcəsinin formalaşmasında Dövlət Neft Fondundan birbaşa daxilolmaların payı getdikcə azalır. Biz bunu əvvəlki büdcə layihəsinin müzakirəsində müsbət ənənə kimi qeyd etmişik. Ölkədə aparılan iqtisadi siyasətin təməl prinsiplərindən biri ölkəmizdə qeyri-neft sektorunun inkişafına və onun dövlət büdcəsinin gəlirlərinin formalaşmasında xüsusi çəkisinin artmasına nail olmaqdır. Büdcənin vergili gəlirlərinin əsasını təşkil edən əlavə dəyər vergisində artım, mənfəət vergisində isə cüzi azalma var. Lakin bu vergilər içində, şübhəsiz ki, ən böyük önəm kəsb edən vergilərdən biri fiziki şəxslərin gəlir vergiləridir. 2014-cü ilin proqnozları ilə müqayisədə bu vergi növünün gəlirlərində 100 milyon manatlıq artım var. Lakin təəssüf ki, bu verginin büdcənin gəlirindəki xüsusi çəkisi hələ də arzu olunan səviyyədə deyil. Çünki fiziki şəxslərdən gəlir vergisi bir tərəfdən əhalinin pul gəlirlərinin artımının, digər tərəfdən isə açılan iş yerlərinin birbaşa göstəricisidir. Həmçinin gəlir vergisinin ödənişinin sayının artması əhalinin əmək haqlarının gəlir vergisinin tutulması üçün tələb olunan minimum səviyyədən yuxarı olduğunu göstərir. Bu da əhalinin maddi rifah halının yaxşılaşdığını göstərən vacib indikatorlardan biridir.
Dövlət büdcəsinin xərcləri də gəlirləri kimi artıb. 2014-cü ilin proqnozlaşdırılan büdcəsi ilə müqayisədə 2015-ci ilin büdcə xərcləri 1 milyard 37 milyon manat artıqdır. Əvvəlki illərin büdcəsində olduğu kimi, bu il də dövlət büdcəsinin xərclərinin əsas istiqamətləri dövlət investisiyası və müdafiə xərcləridir. İpoteka Fonduna dəstək məqsədilə dövlət büdcəsindən ayrılan vəsait 1 milyondan 50 milyona qaldırılıb. Bu da çox yaxşı bir göstərici olub çox gənc ailələrə ipoteka kreditindən faydalanmaq imkanı yaradır. Həmçinin bu il Prezidentin fərmanı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılıb. Bu mərkəzin fəaliyyətini həyata keçirmək üçün 2015-ci ilin büdcəsində 2 milyon manat vəsait nəzərdə tutulub. Ümidvaram ki, bu mərkəzin fəaliyyətinin nəticəsində ölkəmizdə tərcüməçilik peşəsi inkişaf edəcəkdir. Elmi, bədii materialların dilimizə səlis tərcümə edilməsinə kömək olacaqdır.
Bu il dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin qiyməti 90 dollar nəzərdə tutulub. Mən bu yaxınlarda Avronyusda bir iqtisadi proqrama baxırdım. Orada qeyd olunur ki, ola bilsin, neftin bu gün müəyyən qədər qiymətinin azalması ənənəsi artım istiqamətində getsin və 2015-ci ilin əvvəlində neftin qiyməti yenidən artmış olsun. Hesab edirəm ki, bir barel neftin qiymətinin 90 dollar nəzərdə tutulması tamamilə özünü doğruldan bir rəqəmdir. Bildiyimiz kimi, dünyada baş verən son siyasi proseslərin nəticəsində neftin qiyməti iyun ayında qeydə alınmış pik dərəcəsindən sürətlə azalmağa başlayıb. Baş verən son proseslər neftin qiymətinin qısa bir zaman kəsiyində həmin əvvəlki həddə qayıdacağına əsas verir.
Məlumdur ki, ABŞ neft idxalçısından neft ixracçısına çevrilib. Şübhəsiz ki, dünyanın ən böyük neft idxalçılarından biri olan ABŞ-ın neft ixrac etməyə başlaması neftin qiymətinin düşməsinə səbəb olan amillərdən biridir. Eyni zamanda, Avrozonada böhranın nəticələri tam aradan qalxmayıb və proqnozlaşdırılan postböhran sürətli inkişaf dövrünü hələlik müşahidə etmirik.
İnsaf xatirinə demək lazımdır ki, maliyyə naziri Samir Şərifovun başçılığı altında hazırlanmış bu sənəd sanki, de-yərdim, bir dissertasiya işidir. Çox nəfis şəkildə, rəqəmlərlə çap olunub, faktoqrafiyaya söykənib, illüstrasiyalar, qrafiklər verilib. Bu da “obivatel” üçün çox önəmli bir haldır. Bundan başqa, bilirsiniz ki, dövlət başçısı möhtərəm İlham Əliyevin dəfələrlə qeyd elədiyi məcburi köçkünlər, qaçqınlar problemi ölkənin bu gün üzləşdiyi, – yerdə qalan problemlər həll olunub, – yeganə problemdir.
Cənab Prezident məcburi köçkün və qaçqınlara həmişə qayğı göstərir. Qeyd eləmək yerinə düşər ki, növbəti ildə məcburi köçkün və qaçqınların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan 300 milyon manat ayrılıb ki, bu da əvvəlki illərlə müqayisədə diqqətin daha da artırılması deməkdir. Bundan başqa, məcburi köçkünlərə verilən müavinətlər də keçən illə müqayisədə bir faiz artıb. Buna görə cənab Prezidentə, Baş nazir Artur müəllimə, Samir Şərifova öz minnətdarlığımı bildirirəm. Bayaq burada hörmətli Elman müəllim çıxışında manatın məzənnəsinin sabit qalması, iqtisadi göstəricilərin stabilliyi barədə çox gözəl təhlil apararaq danışdı. Bu, həqiqətən də, mən hesab edirəm ki, Mərkəzi Bankın maliyyə-kredit sahəsində apardığı düzgün siyasətin nəticəsidir. Sonda qeyd etmək istəyirəm ki, mən də bu büdcə layihəsini bəyənirəm və lehinə səs verəcəyəm, həmkarlarımı da bu addımı atmağa çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli hökumət nümayəndələri, qonaqlar, millət vəkilləri və media nümayəndələri! Əlbəttə, Azərbaycan iqtisadiyyatı inkişaf edir, bu da əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə öz təsirini göstərir. Amma sözün doğrusu, mən hesab edirəm ki, bizim ölkəmizdə sosial müdafiəsinə xüsusi ehtiyac olan iki kateqoriya insanlar var. Birinci kateqoriya insanlar şəhid ailələri, əlillər, məcburi köçkünlər və qaçqınlardır ki, bunların dövlətin xüsusi diqqətinə ehtiyacları var. İllər keçir, biz torpaqlarımızı işğaldan azad edə bilmirik. Bu insanlar uzun illərdir ki, qaçqın həyatı yaşayırlar. Bu gün də səhər mən mətbuatda oxudum ki, Dərnəgül şosesinin yaxınlığındakı yataqxanada bir otağın döşəməsi çöküb və bir qaçqın dördüncü mərtəbədən üçüncü mərtəbəyə düşüb. Amma çox təəssüf ki, bu il də büdcədən cəmi 327 milyon manat vəsait ayrılır və bu vəsaitlə belə getsə, hələ uzun illər bu qaçqınları normal mənzillə təmin edə bilməyəcəyik.
İkinci kateqoriya insanlar əlillərdir ki, bu il də büdcədən onların ailələrinə cəmi 17 milyon manat vəsait ayrılıb. Cənab Prezident müvafiq dövlət orqanları qarşısında əlillərlə bağlı vəzifə qoymuşdu. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında əlillərin ev növbəsinə dair siyahı qoyulub, hamı girib bu siyahıya baxa bilər. Orada təqribən 5731 nəfərin adı var. 17 milyon vəsaitlə nə qədər əlili, şəhid ailəsini evlə təmin etmək olar? Bu vəzifəni 5 il nədir, heç 15 ilə də yerinə yetirmək mümkün olmayacaq. Mən bu barədə komitənin iclasında da danışdım, ən azından bu vəsait bir neçə dəfə artırılmalıdır. İldə, heç olmasa, 60 milyon vəsait ayrılmalıdır ki, bəlkə 5 il müddətində bu vəzifəni yerinə yetirmək mümkün olsun. Onun üçün mən həmişə onun tərəfdarı olmuşam, – bəzi insanlar deyirlər, Dövlət Neft Fondundan büdcəyə az vəsait ayrılsın, o vəsait gələcək nəsillər üçün saxlanılsın, – hər zaman söyləmişəm ki, Dövlət Neft Fondundan hər il artan istiqamətdə büdcəyə vəsaitlər transfert olunmalıdır və o da sosial problemlərin həllinə və iqtisadiyyatın inkişafına yönəldilməlidir. XX əsrin 30-cu illərindən Amerika Birləşmiş Ştatlarında ölkənin iqtisadiyyatının inkişafını göstərmək üçün ümumi daxili məhsul anlayışından istifadə etməyə başladılar. Amma XXI əsrdə artıq sosial inkişaf indeksinə görə ölkələrin inkişaf səviyyəsi müəyyənləşir. Bu gün bir çox ölkələr var ki, onlar ümumi daxili məhsulun həcminə görə ən yüksək nöqtələrdə dayanırlar, amma sosial inkişaf indeksinə görə xeyli aşağı pillələrdə yer alırlar. Buraya yüksəkixtisaslı səhiyyənin, yüksək təhsilin hər bir insan üçün nə qədər əlçatan olması daxildir. Bu problemlərin həlli də, – mən dəfələrlə söyləmişəm, – təhsildə və səhiyyədə islahatların aparılması, icbari tibbi sığortanın tətbiqi, səhiyyə müəssisələrinin özəlləşdirilməsi, ali təhsil müəssisələrinin özəlləşdirilməsidir.
Bizim hörmətli Əli Əhmədov Baş nazirin müavini təyin olunandan sonra bəyanat verdi ki, tezliklə bu icbari sığorta-nın tətbiqinə başlanacaq, amma sonradan bu yenə daha arxa müddətlərə geri atıldı. Biz buna mane olan səbəbləri bilirik. Amma səbəb o deyil ki, bunu həyata keçirmək çətindir. Bunu hamımız bilirik, hətta biz gördük ki, lazım olanda Azərbaycanda unikal bir sistem olan “ASAN xidmət” yaradıldı. Heç dünyanın bir çox inkişaf etmiş ölkələrində belə sistem yoxdur. Yəni bu xalqın da, hökumətin də bacarığı çatar ki, icbari tibbi sığortanı, nəhayət ki, tətbiq edə bilsin. Deməli, digər mənfi problemləri aradan qaldırmaq lazımdır ki, bu məsələ öz həllini tapsın.
Başqa bir mühüm məsələ mənim seçildiyim Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Oqtay müəllim, Naxçıvanda əhalinin 5 faizi yaşayır. Amma investisiya qoyuluşuna görə Naxçıvana 0,1 faiz pay düşür. 2 il bundan qabaq bu məbləğ təqribən 250 milyon idisə, indi 50 milyon manat civarındadır. Məsələn, mənim seçildiyim Ordubad rayonunun yolu hələ də sovet dövründə çəkilmiş yoldur. Başqa rayonların yolu düzəldilib, amma bu il də bu məqsəd üçün vəsait ayrılmayıb. Burada bizim deputat həmkarımız Fərəc Quliyev oturub, məsələn, onların kəndində o vaxt mən seçicilərlə görüş keçirəndə məktəb acınacaqlı durumda idi. 4 il keçir, hələ də o məktəbi yenidən tikmək mümkün deyil. Ən azı 7 məktəbin yenidən təcili tikilməsinə ehtiyac var. Naxçıvan ona ayrılmış investisiyaları ən səmərəli xərcləyən bölgələrdən biridir. Ona görə də düşünürəm ki, Naxçıvanın blokada vəziyyətində olması nəzərə alınıb, ora xüsusi diqqət göstərilməli və investisiya qoyuluşu artırılmalıdır. Orada kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil, torpaq sahələri həddindən artıq azdır. Ancaq sənayenin inkişafı yolu ilə əhalini işlə təmin etmək olar ki, əhali bölgəni tərk etməsin. Bunun üçün Naxçıvanı biz minik avtomobilləri istehsal edən bir mərkəzə çevirə bilərik. Gəncəni də kənd təsərrüfatı məhsulları istehsal edən mərkəzə çevirmək mümkündür.
Mən, Oqtay müəllim, düşünürəm ki, bizim hazırda indiki büdcənin, – əlbəttə, hər kəs istəyir ki, öz seçildiyi rayona daha çox vəsait ayrılsın, –vəsaitləri azdır, yəni bizim 9,7 milyonluq əhali üçün 20 milyardlıq büdcə azdır. Bu büdcənin artması üçün də iqtisadiyyatın inkişafı özünü həm də büdcə gəlirlərində göstərməlidir. Bu məqsədlə biz regionları inkişaf etdirməliyik, regionları inkişaf etdirmək üçün də mən dəfələrlə söyləmişəm ki, regionlara vergi güzəştləri nəzərdə tutulmalıdır ki, Bakı yüklənməsin. Biz bir çox hallarda sənaye mərkəzlərini Bakı şəhərində yaradırıq və vergi güzəştlərini həmin yerlər üçün nəzərdə tuturuq. İnsanlar, əslində, imkanlı insanlar rayonlardan axışıb gəlir, Bakıda məskunlaşırlar. Amma biz bunun əksini həyata keçirməliyik və çalışmalıyıq ki, vergi güzəştləri ümumi nəzərdə tutulsun. Əlbəttə, Bakıya yaxın rayonlardan söhbət getmir. Xüsusən ucqar rayonlar bir müddət vergidən azad olunmalıdırlar, istehsal və emal müəssisəsi yaradanlar üçün isə vergi güzəştləri nəzərdə tutulmalıdır ki, insanlar həmin bölgələrə vəsait qoymağa maraqlı olsunlar. Yoxsa rayonlarda biz görürük ki, insanlar iş dalınca qonşu ölkələrə, yaxud Bakı şəhərinə üz tuturlar. Bunun qarşısının alınması üçün də yol, dediyim kimi, vergi islahatlarının aparılmasından keçir.
Ümumiyyətlə, mən hesab edirəm ki, müvafiq islahatlar aparmaq yolu ilə, təhsil müəssisələrini, səhiyyə obyektlərini özəlləşdirməklə büdcəyə əlavə vəsaitlər cəlb etmək mümkündür. Özü də bu sahələri özəlləşdirmə aparmadan, – mən bir də qayıdıram əvvəlki fikrimə, – inkişaf etdirmək mümkün deyil. İnkişaf etmiş xalqların keçdiyi yol var və biz həmin yolla irəli getməliyik ki, onlar dövlət büdcəsinə vəsait versinlər.
Mən indi mətbuatda oxuyuram ki, hazırda, məsələn, ha-zırlıq gedir ki, Bakıdan bəzi ali təhsil müəssisələri çıxarılsın. Amma hara çıxarılır? Mətbuatda oxuyuruq ki, yenə də Bakının ətrafına. Niyə Bakının ətrafına? Olmazmı ki, bu universitetlər, düzdür, hələ bu, planlaşdırılmasa da, Azərbaycanın bölgələrinə köçürülsün. Biri Qusara, biri Astaraya, digər biri başqa bölgəyə köçürülsün. Özü də köçürülərkən universitetlər dövlət hesabına yenidən tikilməsin, iş adamlarına verilsin ki, investisiya müsabiqələri yolu ilə vəsaitlər həmin bölgələrə ayrılsın və insanlar da Bakıdan kənarlara getmiş olsunlar. Bu məqsədlə hökumət bir daha düşünməlidir ki, büdcədən əlavə olaraq ən azı 1 milyarda qədər vəsait ayrılmalı və bu vəsaitin hesabına, – burada, Oqtay müəllim, Siz söylədiniz, – təkcə iqtisadiyyat inkişaf etdirilməli deyil, həm də vətəndaş cəmiyyəti quruculuğuna yardım edilməlidir.
QHT-lərə artıq büdcədən vəsait ayrılır, bu, müsbət haldır. Kütləvi informasiya vasitələrinə yardım məqsədilə vəsait ayrılır, siyasi partiyalara vəsait ayrılır. Amma bu vəsaitlər artırılmalıdır. Nə qədər ki biz vətəndaş quruculuğu cəmiyyətinə, vətəndaş cəmiyyətinin inkişafına nail ola bilməmişik, ölkənin qarşısında duran bir çox problemi həll etmək mümkün olmayacaq. Bu həm də söylədiyim kimi, insan haqları ilə bağlı olan məsələdir ki, vətəndaş institutlarını gücləndirmədən bunu həll etmək mümkün deyil. Eyni qaydada siyasi partiyaları gücləndirmədən, ölkədə çoxpartiyalı sistemin inkişafına nail olmadan hökumət üzərində nəzarəti gücləndirmək mümkün deyil. Bunların da baş verməsi üçün dediyim kimi, siyasi partiyalar və vətəndaş cəmiyyəti institutlarına büdcədən kifayət qədər vəsait ayrılmalıdır.
Sonda isə mən bir daha fikrimi ona yönəldirəm ki, Qara-bağ problemini həll etmək, – əlbəttə, Azərbaycanın hərbi xərcləri bu gün Ermənistanın ümumi dövlət büdcəsindən xeyli artıqdır, – torpaqlarımızı azad etmək istəsək, Ermənistana qonşu ölkələr tərəfindən yardım oluna bilər. Bu halda bizim hərbi gücümüz Ermənistanın hərbi gücündən bir neçə dəfə artıq olmalıdır, hökumət də bu məsələyə əlavə diqqət göstərməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Müzakirəyə çıxarılan 2015-ci ilin büdcə layihəsi kifayət qədər tarazlı və reallığı əks etdirən sənəddir. Konseptual baxımdan gələn ilin büdcəsini bu ilin büdcəsinin məntiqi davamı saymaq olar. Bununla yanaşı, sənəddə yer alan və yer almayan bəzi məsələlərə toxunmaq istərdim. 2014-cü ilin dövlət büdcəsində biz bir barrel neftin qiymətini 100 dollardan hesablamışdıq. 2014-cü ilin gözlənilən yekunlarına əsasən demək olar ki, qiymət elə bu civarda da dəyişdi. Çünki qlobal siyasi və iqtisadi proseslər nisbətən proqnozlaşdırıla bilən və sabit şəkildə inkişaf edən idi.
Bu ilin ortalarından başlayan, şərti desək, Ukraynaətrafı hadisələr ilin sonuna yaxın artıq dünya iqtisadi sisteminə, o cümlədən ölkəmiz üçün önəmli olan dünya neft bazarlarına bilavasitə təsir etməyə başladı. Bu zaman təsirin azalacağını deyil, artacağını güman etmək daha düzgün olardı. Nüfuzlu beynəlxalq təşkilatların sənədlərində, məsələn, Beynəlxalq Valyuta Fondunun iqtisadiyyatın yaxın perspektivləri – 2014–2016-cı illərlə bağlı verdiyi proqnozlarda, Beynəlxalq Enerji Agentliyinin neft bazarında tələbin azalması ilə bağlı proqnozlarında, İrana qarşı sanksiyanın azalması, ABŞ-ın neft-qaz idxalından imtina edərək neft ixrac edən ölkəyə çevrilməsi, neftin qiymətinin azaldılması ilə bağlı ABŞ və Səudiyyə Ərəbistanı arasında sözləşmənin əldə edilməsi barədə məlumatlarda neftin qiymətinin ən yaxşı halda 80 dollar səviyyəsində qalacağı ilə bağlı rəylər üstünlük təşkil edir. Zənnimcə, bu amili nəzərə alaraq 2015-ci ilin büdcəsində biz bir barrel neftin orta illik qiymətini 90 dollar deyil, 80 dollar götürsək, gələn ilin ortalarında və sonlarında büdcənin cari gəlirləri ətrafında yeni müzakirənin açılması-na, onların təshih edilməsinə ehtiyac qalmaz.
Hörmətli deputatlar, büdcə layihəsindən görünür ki, gələn il dövlət büdcəsindən dotasiya ayrılan şəhər və rayonların sayı builki kimi qalır, yəni artmayıb. Buna bölgələrin təbii iqtisadi durumunun nəticəsi kimi yanaşsaq, yanılmarıq. İstənilən ölkədə donor və dotasiyalı ərazi vahidləri mövcuddur. Lakin Azərbaycanın bir sıra dotasiyalı rayonları var ki, bunların büdcəyə verdiyi pulla büdcədən aldığı vəsait arasında fərq o qədər də böyük deyil. 10-a yaxın rayonumuz, o cümlədən Şəmkir, Tovuz, Qazax, Oğuz, Qax rayonları üçün bu fərq 25–30 faizi aşmır, yəni sadə dillə desək, onlar özünü dolandırmaq səviyyəsinə yaxındır. Mənə elə gəlir ki, dotasiyalı bölgə siyahısından çıxmağa namizəd olan rayonlara xüsusi diqqət yetirilməli, regionların iqtisadi inkişaf proqramları çərçivəsində burada əsas vergi mənbəyi olan emal sənayesi daha sürətlə inkişaf etdirilməlidir.
Çıxışımda dəfələrlə toxunduğum bir məsələ barədə də danışmaq istərdim. Hamımıza məlumdur ki, ölkə büdcəsinin neft amilindən asılılığı davam etməkdədir və qeyri-neft sektorunun inkişaf templəri nə hökuməti, nə də ictimaiyyəti qane edir. 2015-ci ilin büdcəsində qeyri-neft sektorundan daxilolmalar ötən ilin proqnozu ilə müqayisədə 500 milyon manat və ya 8,1 faiz daha çoxdur. Bəs iqtisadiyyatımızın bu bölümünün real inkişafı üçün hökumət hansı vasitələrdən istifadə edir? Bu sahədə daha nələri etmək olar? Hökumətin bu yöndə atdığı addımlara heç də kölgə salmaq fikrində deyiləm, amma mənə elə gəlir ki, fəal əhalimizin mütləq əksəriyyətinin çalışdığı qeyri-neft sektorunun inkişaf məsələsi tək hökumətin deyil, parlamentin, ictimaiyyətin nəzarətində olmalı və onun uğurla həlli üçün bütün məhsuldar yeniliklərə müraciət olunmalıdır. Bu fikri inkişaf etdirərək 2015-ci ilin əvvəllərində dövlət rəhbərliyinin, deputatların, biznes və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı problemləri və onların həlli yolları adlı ümumrespublika müşavirəsinin keçirilməsini təklif edirəm. Məncə, bu tədbirdə gurultulu hesabatlara yol vermədən problemi kökündən təhlil edərək həmin sektorda korrupsiya, inhisarçılıq, ikili mühasibat, kölgə iqtisadiyyatı kimi neqativ amillərin təsirinin azaldılması yollarını müzakirə etsək, müsbət nəticə əldə etmək olar. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Bugünkü iclasımız bitdi. Bu siyahı ilə sabah saat 12-də davam edəcəyik.

 

 


 
EDİLMƏMİŞ
ÇIXIŞIN MƏTNİ


18 noyabr 2014-cü il
———


Əhməd Vəliyev. Hörmətli həmkarlar! Əldə edilən uğurlarla yanaşı, bəzi sahələrdə müəyyən təkmilləşmələrə ehtiyac olduğu üçün bəzi təkliflərimi irəli sürmək istəyirəm. Gənclərimiz üçün çox zəruri olan təhsil kreditlərinin tətbiq olunması, ipotekaların faiz dərəcələrinin aşağı salınması, fundamental elmi tədqiqat işlərinin qrantlar formasında həyata keçirilməsi üçün Elm Fonduna vəsaitin 2 dəfə artırılmasını; Qazax rayonunda və onun kəndlərində vaqonlarda və ayrı-ayrı yararsız binalarda dözülməz şəraitdə yaşayan 1000-ə yaxın məcburi köçkün ailəsinin mənzil şəraitinin həll olunması üçün rayon ərazisində yüksək mərtəbəli binaların tikilməsi üçün vəsaitin ayrılmasını; tikintisi yarımçıq qalmış Qazax Rayon Mərkəzi Xəstəxanasının tikilərək istifadəyə verilməsi üçün Səhiyyə Nazirliyinə vəsaitin ayrılmasını; həmçinin Qazax rayon su-kanalizasiya sisteminin çəkilişinin başlanması üçün də vəsaitin ayrılmasını; Sovetlər dövründə xüsusi məktəb binası layihəsi ilə inşa olunmuş Kosalar kənd orta məktəbi, II Şıxlı kənd orta məktəbi və Yuxarı Salahlı kənd orta məktəblərinin əsaslı təmiri üçün vəsaitin ayrılmasını xahiş edirəm.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi