2015-ci il 14 sentyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN NÖVBƏDƏNKƏNAR 
XV SESSİYASI İCLASININ

PROTOKOLU № 112

Milli Məclisin iclas salonu.
14 sentyabr 2015-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 112 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.14 dəq.)
İştirak edir 111
Yetərsay 83

İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:

Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qət-naməsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.16 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 112
Nəticə: Qəbul edildi

Reqlament haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Çıxışlar 5 dəqiqə olsun
Səsvermənin nəticələri (saat 12.31 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 106
Nəticə: Qəbul edildi

Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi haqqında.
 
Çıxış etmişlər:  Oqtay Əsədov, Sabir Rüstəmxanlı, Sahibə Qafarova, Leyla Abdullayeva, Səməd Seyidov, Əli Hüseynli, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Tahir Rzayev, Vahid Əhmədov, Ziyafət Əsgərov, Sahib Alıyev, Elton Məmmədov, Eldar İbrahimov, Yaqub Mahmudov, Məlahət İbrahimqızı, Bahar Muradova, Çingiz Əsədullayev, Sevinc Fətəliyeva, Azay Quliyev, Asim Mollazadə, Fəttah Heydərov, Musa Quliyev, Fazil Mustafa, Zahid Oruc, Çingiz Qənizadə, Səttar Möhbalıyev, İsa Həbibbəyli, Fəzail Ağamalı, Elman Məmmədov, Yevda Abramov, Valeh Ələsgərov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.36 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 112
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 


 
MİLLİ MƏCLİSİN İCLASI

14 sentyabr  2015-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri. Milli Məclisin növbədənkənar sessiyasını açıq elan edirəm.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

Sədrlik edən. Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.14 dəq.)
İştirak edir 111
Yetərsay  83

Çox sağ olun. Yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli deputatlar, bildiyiniz kimi, sentyabr ayının 10-da Avropa Parlamentində Azərbaycana qarşı növbəti siyasi aksiya təşkil olunmuş və qətnamə qəbul edilmişdir. Milli Məclisin deputatları mənə müraciət etmiş və bu qətnaməyə münasibət bildirmək üçün növbədənkənar sessiya çağırmağı tələb etmişlər. Odur ki, gündəlikdəki məsələ sizə məlumdur –Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi haqqında. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 112
Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, çox sağ olun.
Hörmətli millət vəkilləri, biz Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Təkcə son 2 ildə bu parlamentdə Azərbaycanla bağlı bir neçə belə qətnamə qəbul edilmişdir. Amma bu dəfə Avropa Parlamenti, necə deyərlər, bütün çərçivələri aşmışdır. Hələ mən adi cinayət faktlarının siyasiləşdiril-məsini, məhkəmə sisteminə müdaxilə edilməsini demirəm. Bütün beynəlxalq davranış prinsipləri, adi ədəb və nəzakət qaydaları pozulmuş, tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətinə şər və böhtan atılmışdır.
Hər dəfə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edəndə biz çalışırdıq ki, yaranan məsələlər tarazlaşdırılmış şəkildə yoluna qoyulsun. Bir çox  məsələləri açmırdıq. Ancaq görürük ki, vəziyyət başqa şəkil alır.
Mən Avropa Parlamentinin həmin iclasını həmkarlarım Ziyafət Əsgərov və Valeh Ələsgərovla birlikdə televiziya ilə canlı olaraq izləmişəm. Avropa Parlamentinin bir çox deputatlarının Azərbaycan barəsində nə qədər qərəzli mövqe tutduğunu bir daha yəqin etmişəm. Əmin olmuşam ki, Azərbaycana qarşı yönələn bu siyasi oyunlar planlı və məqsədyönlü şəkildə həyata keçirilir.
Mənim bu fikrimin arxasında real faktlar durur. Əvvəla, mən prosedur manipulyasiyalarını nəzərdə tuturam. Adətən, Avropa Parlamentində Azərbaycanın məsələsinin  müzakirə  edildiyi  iclaslara  40–50 nəfərdən artıq deputat gəlmirdi. Ancaq bu dəfə dünyanı, Avropanı, həqiqətən, narahat edən məsələlərlə birlikdə Azərbaycanın məsələsini təxirəsalınmaz adı ilə gündəliyə daxil ediblər ki, deputatların sayı çox olsun. Yəni indiyədək elə hallar çox az olub ki, Avropa Parlamentində 635 deputat iştirak eləsin. Bu növbədənkənar sessiyada 635 deputat iştirak eləyib.
İclasın gedişində Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Elmar Brok söz aldı və qətiyyətlə dedi ki, iclasda prosedur qaydalarını pozmaq olmaz. Məsələ əvvəlcə komitələrdə müzakirə edilməli, sonra plenar iclasa çıxarılmalıdır. Biz bu cür eləməsək, Azərbaycanı itirə bilərik. Onun bu çıxışından dərhal sonra Azərbaycanın “dostu”, vitse-spiker xanım Lunaçek söz alıb çox böyük çılğınlıqla dedi ki, yox, bu məsələ gündəlikdə qalmalıdır və biz bu məsələyə baxmalıyıq. Onun ardınca iki deputat, onunla eyni partiyadan olan Corci Sebastian və Fransua Slifinsi çıxış etdilər  və iclasın gedişinin dəyişməsinə etiraz elədilər. Dedilər ki, bu məsələ bu gün burada müzakirə olunmalıdır. Yəni bu təkidlər olundu.
Biz araşdırdıq, gördük ki, həmin bu iki deputat elə sentyabr ayının 1-də Dağlıq Qarabağda olmuş, Bako Saakyanla görüşmüşdür. Yəqin ki, ondan aldıqları təlimatı yerinə yetirir və bəxşişlərinin əvəzini vermək üçün belə canfəşanlıq edirdilər. Elə bu məqamın özü korrupsiyanın Avropa Parlamentinə necə işlədiyinin bir timsalıdır. Yeri gəlmişkən, mən Avropa Parlamentinin Sədri Şultsu kor-rupsiyaya qurşanmış lobbiçi qruplaşmalarla iş birliyinə son qoymağa çağırıram.
İclasda aparılan müzakirələrdə açıq-aşkar saxta məlumatlar da səsləndirildi. Laura Aqea adlı bir deputat dedi ki, onun eşitdiyinə görə, guya Dağlıq Qarabağda Azərbaycan tərəfindən atılmış mərminin partlaması nəticəsində bir qadın həlak olub. Bunu plenar iclasda deyir. Fikir verin, azərbaycanlılar Dağlıq Qarabağda qanunsuz olaraq girov saxlanılır, azərbaycanlıların toyları güllə-baran olunur, günahsız insanlar həlak olur, yaralanır. Avropa Parlamentində bu barədə bir söz deyən olmur, amma saxta, yoxlanılmamış məlumatlar iclasda səsləndirilir və arqument kimi istifadə olunur. Bütün bunlar  indi Avropada tüğyan eləyən ksenofobiya və islamofobiyanın, ayrı-seçkiliyin Avropa Parlamentində də kök saldığını göstərir.
Avropa Parlamentinin qətnaməsinə ötəri nəzər saldıqda belə onun nə qədər qərəzli bir yanaşmaya əsaslandığını görmək olar. Konkret cinayət əməllərinin siyasiləşdirilməsi, jurnalist Rasim Əliyevin məişət zəminində öldürülməsinin siyasi qətl kimi qələmə verilməsi, digər faktlar sənədin saxta və qondarma ittihamlar üzərində qurulduğunu sübut edir.
Diqqət yetirin, qətnamədə Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il 16 iyun tarixli qərarına xüsusi istinad edilir. Bu qərar erməni Sarkisyanın Azərbaycana qarşı əmlak iddiası ilə bağlıdır. Qətnamədə tələb edilir ki, Azərbaycan həmin qərarı yerinə yetirsin. Amma bu qərarla eyni vaxtda “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərar da qəbul olunmuş, Ermənistanın işğalçı dövlət olması açıq şəkildə təsdiq edilmişdir. Bilərəkdən bu qərar heç yada salınmır. Bu nə yanaşmadır? Avropa Parlamenti bir erməninin Azərbaycana qarşı əmlak iddiasını Azərbaycan ərazisinin işğalından üstünmü tutur? Budur Avropa Parlamentində olan ədalət?
İclasda səsvermənin nəticələri maraqlı bir məqamı üzə çıxardı. Qətnamənin əleyhinə 202 deputat səs verdi və 72 deputat bitərəf qaldı. Bu onu göstərir ki, Avropa Parla-mentində Azərbaycanla əməkdaşlığın əhəmiyyətini başa düşən konstruktiv qüvvələr də var. Amma korrupsiyaya qurşanmış lobbiçi qruplaşmaların pozucu fəaliyyəti və təsiri bu qüvvələrin səsini eşidilməz etdi. Növbəti dəfə Azərbaycan əleyhinə sənəd qəbul olundu. Əslində, bu sənəd Avropa Parlamentinin imicinə yeni bir zərbə oldu.
Biz həmişə görmüşük ki, Azərbaycan böyük ictimai-si-yasi əhəmiyyətə malik hadisələr ərəfəsində olduğu dövrlərdə ölkəmizə edilən hücumlar çoxalır. Avroviziya vaxtı, Prezident seçkiləri vaxtı, Avropa Oyunları vaxtı bunların hamısının şahidi olmuşuq.
Avropa Parlamentinin budəfəki qətnaməsinin vaxtı da təsadüfi seçilməyib. Bilirsiniz ki, qarşıdan parlament seç-kiləri gəlir. Seçkiləri demokratik və şəffaf keçirmək üçün Azərbaycan dövləti tərəfindən bütün tədbirlər görülür, o cümlədən müşahidəçilərin göndərilməsi barədə xarici ölkələrə, beynəlxalq təşkilatlara müraciətlər edilir.
Belə bir vaxtda Avropa Parlamenti üzdəniraq qətnamə qəbul edir və parlament seçkilərinə müşahidə missiyalarının göndərilməməsi  barədə müvafiq qurumlara və  üzv ölkələrə çağırışlar edir. Bu, beynəlxalq normaların, qəbul olunmuş praktikanın kobud şəkildə pozulması deməkdir. Seçkilər başlanmamış onun legitimliyini indidən şübhə altına alanlar bilməlidirlər ki, parlament seçkilərinin legitimliyi barədə qərarı yalnız Azərbaycan xalqı verə bilər.
Mən hesab edirəm ki, bu qətnamənin qəbul edilməsinin əsas hədəflərindən biri Azərbaycanı Avropadan təcrid etmək, onun nüfuzuna xələl gətirmək və bu yolla Dağlıq Qarabağ problemində Azərbaycanın mövqelərini zəif-lətməkdir. Bununla əlaqədar Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Bako Saakyan kimi terrorçunun Avropaya səfərlərinin təşkil edilməsini xatırlatmaq istəyirəm. Bütün bu addımlarda məqsəd Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həllinə mane olmaq və Azərbaycan ərazisinin işğalının nəticələrinə gələcəkdə haqq qazandırmaqdır.
Azərbaycan parlamenti olaraq biz həmişə beynəlxalq təşkilatlarla dialoq və əməkdaşlığın tərəfdarı olmuşuq. Bu istiqamətdə xeyli iş görmüşük. O cümlədən Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Avronest Parlament Assambleyasının yaradılmasında  iştirak etmişik.
Şərq tərəfdaşlığı proqramı çərçivəsində bu qurumların yaradılmasının təşəbbüsçüləri onların özləri oldu. Biz də bu təşkilatların yaradılmasında iştirak elədik və bu təşkilatlara girdik. Hətta Avronest Parlament Assambleyası yaradılandan sonra onun ilk plenar sessiyasını da Azərbaycanda keçirdik.
Bu təşkilatlara girməkdə məqsədimiz nə idi? Bizi inandırırdılar ki, Avropa Parlamentinə yaxınlaşmamız üçün bu bir meydandır. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri Valeh Ələsgərov idi. Biz bu komitədə işləmək üçün böyük nümayəndə heyəti yaratmışdıq. Çox həvəslə də işə başladıq. Ancaq nəticədə gördük ki, bu işin bir effekti yoxdur. Mən bu haqda çox danışmaq istəmirəm. Yəqin Valeh müəllim və o təşkilatın üzvləri bu barədə daha geniş danışarlar.
Eyni sözləri Avronest Parlament Assambleyası haqqında da söyləmək olar. 60 deputat Avropa Parlamentindən və milli parlamentlərin hər birindən 10 üzv olmaqla 60 deputat da 6 iştirakçı dövlət tərəfindən ayrılaraq Avronest Parlament Assambleyası təşkil olundu. Bu qurumun Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında siyasi yaxınlaşmanı sürətləndirmək və iqtisadi inteqrasiyanı genişləndirmək məqsədi ilə yaradıldığını nəzərə alaraq düşünürdük ki, biz burada Avropa Parlamenti ilə danışıqlar aparacağıq, bu təşkilat bizə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin yaxşılaşmasında, yaranan problemlərin müzakirə olunmasında böyük dəstək verəcək.
Ancaq ötən dövr ərzində biz nə Avropa İttifaqı – Azər-baycan parlamenti əməkdaşlığı komitəsində, nə də Avro-nestdə Dağlıq Qarabağa aid bir dənə də olsun sənədi imzaladıb məsələlərin içinə sala bilmədik. Bunlar paritet bəhanəsi ilə bu məsələləri həmişə qulaqardına vurdular və biz bu təşkilatlarda iştirak etməyimizin elə bir xeyrini görmədik. Elə isə onlara üzvlüyümüzün mənası varmı? Mən indi bu sualın cavablandırılmasını sizin öhdənizə buraxacağam.
Şəxsən mən fikirləşirəm ki, biz artıq bu təşkilatlarda qal-ıb-qalmamağımız haqqında qəti qərar qəbul etməliyik. Bu təşkilatlar bizə nə verib və belə münasibətdən sonra gə-ləcəkdə nə verə biləcək? Avropa Parlamenti bu təşkilatların üzvləri ilə, yəni öz içindən seçilmiş deputatlarla məs-ləhətləşmir, heç kimə heç bir xəbər vermədən istədiyi vaxt istədiyi iclası keçirir, qətnamə qəbul edir. Onda bu təşki-latlar nəyə lazımdır?
Bilirsiniz ki, tərəfdaşlığa dövlət tərəfindən Nazirlər Kabineti qol çəkib. Hesab edirəm, biz Nazirlər Kabinetinə tövsiyə eləməliyik ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına yenidən bir nəzər salsın, görsün ki, bu təşki-latlarda qalıb-qalmamaq məqsədəuyğundur, ya yox.
Hörmətli millət vəkilləri, Azərbaycan xalqı əsrlər boyu müstəqil dövlətini qurmağı arzulayıb. XX əsrin əvvəllərində qurulmuş dövlətimizi qoruyub saxlaya bilmədik. Əsrin sonlarında yenidən dövlət müstəqilliyinə qovuşduq. Ulu öndər Heydər Əliyevin sayəsində bu müstəqilliyi qoruyub saxlaya bildik. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil inkişaf yolunda ölkəmizi inamla irəli aparırıq. Azərbaycan gündən-günə daha da güclənir, geniş bir bölgədə söz sahibinə çevrilir. Azərbaycan dövlətinin rəhbərliyi bütün daxili və xarici siyasət məsələlərində müstəqil siyasət həyata keçirir. Ölkəmizə göstərilən təzyiqlərin artması da məhz bu amillə bağlıdır.
Bizi istəyənlər də, istəməyənlər də bilməlidirlər  ki, Azərbaycan xalqı bundan sonra heç kəsin himayəsi altına girməyəcək, heç kəsin buyruğu ilə hərəkət etməyəcək, öz müstəqil siyasətini yeridəcəkdir. Azərbaycana qarşı çirkin siyasi oyunlar quran qüvvələr təzyiq, şər-böhtan yolu ilə nəyəsə nail olacaqlarına ümid eləməsinlər.
Azərbaycanda xalqla iqtidar arasında sarsılmaz birlik var. Biz bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında yumruq kimi birləşərək bizə qarşı yönələn bütün qəsdləri dəf edəcəyik.
Mən indi istəyirəm müzakirələrə keçək. Amma əvvəlcə reqlament müəyyən edilməlidir. 5 dəqiqə bəsdir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Reqlament 5 dəqiqə olsun. Bu təklifi səsə qoyuruq. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.31 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 106
Nəticə: Qəbul edildi


Qəbul edildi, sağ olun. Xahiş edirəm, müzakirədə iştirak etmək istəyənlər yazılsınlar.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Belə bir vaxtda sistemdə nasazlıq yarandı. İndi biz nə edək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deməli, hamıya söz verəcəyik. Buyursun Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Təşəkkür edirəm. Xeyli fasilədən sonra yenidən görüşdüyümüzə görə mən bütün millət vəkili həmkarlarımı ürəkdən salamlayıram. Təbii ki, bu qətnamə yalnız Azərbaycan hakimiyyətinin tənqidi deyil. Bu qət-namə, əslində, bir xalqa qarşı çevrilib və xalqın təhqiridir. Çünki qətnamədə elə tələblər qoyulur ki, onlar bütövlükdə xalqın min illik adət-ənənəsinə, keçdiyi yola, psixologi-yasına, qəbul olunmuş dəyərlərinə ziddir.
Heç kim demir ki, Azərbaycanda hakimiyyət idealdır və heç bir qüsurumuz yoxdur. Qüsur var və bütün Avropa ölkələrində var, amma buna yanaşmanın özü qüsurludur və qərəzlidir. Bunu gizlətmək mümkün deyil.
Mən bu sözü dəfələrlə demişəm, bir daha deyirəm, biz bu ikili standartları görürük və bu ikili standartlar şəraitində işimizi qurmağa çalışmalıyıq, bunun yolları tapılmalıdır.
Avropa Parlamentinin qərəzli münasibətini gizlətmək mümkün deyil. Oqtay müəllim öz çıxışında artıq bəzi məsələləri açıqladı. Burada, şübhəsiz, erməni lobbisinin ardıcıl xəyanətkar işi, bu gün islam və türk dünyasına qarşı dünyada gedən gizli və açıq savaş öz təsirini göstərir. Burada bölgədəki tarazlığı və ümumiyyətlə, sakitliyi pozmaq cəhdləri açıq-aşkar görünür.
Azərbaycan Dağlıq Qarabağ problemini Ermənistanla danışıqlar yolu ilə həll etmək istəyir, amma çox cidd-cəhdlə Azərbaycanı burada savaşa cəlb etmək istəyirlər. Şərq imperiyasını bərpa etmək istəyənlər var. Bədxahlarımız Azərbaycanı yenidən o imperiyanın qoynuna itələmək, Azərbaycan – Avropa münasibətlərini pozmaq, Azərbaycanı Avropadan qoparmaq, Avropa dəyərlərindən uzaqlaşdırmaq və beləliklə, “bir müsəlman ölkəsində normal demokratik respublika qurmaq olmaz” fikrini düşüncələrdə möhkəmləndirmək istəyirlər. Yəni burada çox böyük xəyanətlər silsiləsi var. Bu qətnaməni təhlil edəndə bunların hamısı görünür.
Mən bütün bu məsələlərə saytların birində ətraflı cavab vermişəm. Yəni əslində, baxın, İranın hansı vəziyyətdə olduğunu görürük. Amma Qərbin maraqlarına uyğun olaraq orada sanksiyalar aradan qaldırılır. “Ərəb baharı” adı altında bütün o ölkələrdə ara qarışdırılır. Bu arada Azərbaycan sabitlik adasıdır, amma bu, Qərbi qane etmir və qərara gəlirlər ki, hökmən bu sabitlik pozulmalıdır. Bunların hamısı Avropada çoxdan bəri gedən bir prosesdir və Avropa Parlamentinin son vaxtlarda bununla bağlı 3 qətnamə qəbul etməsi təsadüfi deyil.
Mən burada bir jurnalistin ölümü ilə bağlı hadisəni də qeyd etmək istərdim. Əvvəla, hamı bilir ki, həmin adam, yəni Rasim Əliyev operator idi, ciddi jurnalist deyildi və onun Azərbaycan iqtidarı ilə bağlı bir kəlmə tənqidi qeydi yoxdur. İndi bu hadisəni elə qələmə verirlər ki, guya o, hakimiyyətə qarşı olan bir jurnalist olub və qəsdən öldürülüb. Bu cür yalanları şişirdib gündəmə gətirmək Av-ropa kimi demokratik dəyərlərdən danışan bir birliyə yaraşmaz və o, əslində, bu yolu tutmalı deyil.
İkincisi, bunlar dünyanı hara apardıqlarını düşünmürlər. Kişinin kişi ilə evlənməsinə, qadının qadın ilə evlənməsinə icazə verən Avropa dünyanı fəlakətə aparır. Genetik fond dəyişilir, insanlıq dəyişilir, insanlıq bütün kökündən uzaqlaşır. Azərbaycanı da zorla buramı aparmaq istəyirlər? Əgər bir xalq buna etiraz edirsə, Avropa onu nə cür sıxışdıra bilər? Bu da bir müharibədir və gizli yox, açıq müharibədir ki, millətlər öz simalarını itirsinlər, hamısı eşcinsəl olsun.
Mən bu qətnaməni qətiyyətlə pisləyirəm və hesab edirəm ki, bu, bütövlükdə bir millətin heysiyyətinə qarşı yönəlmiş bir məsələdir. Azərbaycan rəhbərliyi, əslində, buna çox ciddi cavab verib və hesab edirəm ki, Milli Məclis də o cavabı verəcək.
Sədrlik edən. Mən Sizdən xahiş edirəm...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Vaxt qurtardı. 5 dəqiqəyə qədər demişik. Hamınız bilirsiniz, vaxtınıza baxın. Sahibə Qafarova.
S.Qafarova. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Avropa Parlamentində ALDE Qrupun təşəbbüsü ilə qəbul olunan qətnamə Azərbaycana qarşı açıq qərəzə və ədalətsiz mövqeyə söykənir. Sənəddə Azərbaycan reallıqları tamamilə təhrif olunur, ölkəmizlə bağlı əsassız ittihamlar irəli sürülür. Bir sıra Avropa siyasətçilərinin ikiüzlü riyakar fəaliyyətlə məşğul olması, konkret sifariş həyata keçirilməsi çoxdan müşahidə olunan bir haldır. Biz bunu konkret olaraq ölkəmizə münasibətdə də bir neçə dəfə müşahidə etmişik.
Azərbaycan torpaqları 25 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal olunub. 25 ildən artıq davam edən sülh danışıqları məhz Ermənistan dövlətinin təxribatçı fəaliyyəti və müxtəlif manipulyasiyalarla danışıqlardan yayınması səbəbindən heç bir nəticə verməyib. Buna görə də Ermənistanla yanaşı onun beynəlxalq ədalət prinsiplərinə zidd olan bu cür təxribatçı, hüquqlardan kənar davranışına göz yuman Qərb dövlətləri də məsuliyyət daşıyırlar.
Sual yaranır: “Bu gün bu qətnaməni hazırlayan, onun lehinə səs verən siyasətçilər niyə bircə dəfə də olsun Dağlıq Qarabağ münaqişəsi, Xocalıda baş verən və insanlıq tarixinin ən amansız soyqırımına dair qətnamə hazırlamayıb və fikir bildirməyiblər?” Bu sualın cavabı bizim hamımıza aydındır. Çünki onlara sifariş verən qüvvələr Azərbaycanı hədəfə almağı tapşırır. Çünki bu gün Azərbaycan bütün dünyada özünü yüksək səviyyədə təqdim etmək imkanı qazanıb. Azərbaycan müstəqil ölkədir, müstəqil siyasət həyata keçirir. Dediyim qüvvələr isə bununla razılaşa bilmirlər, bu onları qane etmir.
Bu qərəzli qətnamədə iddia olunanların əksinə olaraq bu gün Azərbaycan demokratik, vətəndaş cəmiyyətinin inkişaf etdiyi, insan hüquq və azadlıqlarının təmin olunduğu, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların tam sərbəst şəkildə fəaliyyət göstərdiyi ölkələrdəndir. Tam məsuliyyətlə deyə bilərik ki, bu gün Azərbaycanda demokratiyanın səviyyəsi, insan hüquq və azadlıqlarının vəziyyəti heç bir ölkədəki, o cümlədən Avropa dövlətlərindəki vəziyyətdən geri qalmır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz yolunda inamla irəliləyir və bu kimi təxribatçı addımlar Azərbaycanı müstəqil siyasət kursundan geri çəkindirə bilməz. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm, hörmətli Sədr. SSRİ dağıldıqdan və biz müstəqillik əldə etdikdən sonra Azərbaycan beynəlxalq hüququn müstəqil subyekti olaraq yeni beynəlxalq münasibətlər sisteminin də tərkib hissəsinə çevrilmişdir. Müstəqilliyin ilk illərində bir-birini əvəz edən iqtidarlar ölkənin xarici siyasət oriyentirlərini müəyyən etməkdə səhvlərə yol verməkdə idi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtması ilə Azərbaycanın maraqlarının balanslı xarici siyasət kontekstində qorunması başlandı.
Bu gün artıq dünya ölkələri sırasında öz yerini tutan Azərbaycanda bütün sahələrdə əldə edilən yüksək gös-təricilər onun qüdrətini daha da artırmaqdadır. Azərbaycanın uğurları dost ölkələri sevindirsə də, bəzi antiazərbaycançı şəbəkələri narahat edir. Bu kontekstdə əminliklə deyə bilərəm ki, ikili standartlar siyasətinin qurbanlarından biri də ölkəmiz Azərbaycandır. Azərbaycan Respublikası etnik separatizmdən əziyyət çəkən, əraziləri işğal altında olan, doğma torpağından qovularaq öz ölkəsində məcburi köçkün statusu qazanmış insanların yaşadığı ölkə deyilmi? Xocalı soyqırımı kimi bəşəriyyət əleyhinə cinayət olan hadisə azərbaycanlıların başına gəlməyibmi? Məgər konkret olaraq BMT qətnamələrini rəhbər tutaraq işğalçının hansı tərəf olduğunu bəyan etmək, Ermənistana da sanksiya və təzyiq tədbirləri tətbiq etmək mümkün deyilmi?
Özünü demokratiyanın beşiyi elan edən Qərb işğalçı ilə işğala məruz qalan arasında fərq qoymur, Ermənistana və separatçı Dağlıq Qarabağ rejiminə ciddi hüquqi sanksiyalar tətbiq edilmirsə, bu, artıq həmin ölkələrin xristian təəssüb-keşliyi, məsələyə ikili standartlardan yanaşmasıdır. Hesab edirəm ki, Avropa Parlamentinin son qətnaməsi də birbaşa olaraq bu ikili standartlar siyasətinin bariz nümunəsidir. Qətnamə qərəzli və qeyri-obyektiv xarakter daşıyır.
Müstəqil dövlət olaraq Azərbaycan öz  Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara cavab verməyə tam hazırdır. Demokratiya Azərbaycan dövlətinin və xalqının şüurlu seçimidir. Bu yolla getmək, insan hüquq və azadlıq-larını ən yüksək səviyyədə təmin etmək dövlətimizin əsas hədəfidir. Bu yolda Azərbaycana tövsiyə və dəstək verənlərə etiraz edilmir. Amma bu, göstəriş və təzyiq formasında olacaqsa, əsl məqsəd yüksək ideallar adı altında, əslində, öz iradələrini yeritməkdirsə, əminliklə deyə bilərik ki, bunun heç bir nəticəsi olmayacaqdır.
Müstəqillik ulu öndər Heydər Əliyevin də dediyi kimi ən böyük nemətimizdir. Azərbaycan öz suverenliyini hər şeydən üstün tutacaq, digər ölkələrin hansı məqsəd daşı-masından asılı olmayaraq daxili işlərinə müdaxiləyə imkan verməyəcəkdir. Azərbaycan xalqı öz taleyini özü həll edəcək dərəcədə yetkin və müdrik xalqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bayaq gördüyünüz kimi, çıxışa yazılanların üç fərqli siyahısı çıxmışdı. Mən heç kimi incitmək istəmirəm. Üç siyahını qruplaşdırıb ixtisar edəcəyik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Amma belə bir düzgün təklif oldu ki, Av-ropa Parlamentində bu qətnaməni qəbul edən ilk növbədə siyasi partiya və təşkilatların, komitələrin nümayəndələri olduğundan biz də onlara üstünlük verək. Mən hesab edirəm, siz etiraz etməzsiniz ki, biz Səməd Seyidova söz verək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Avronest Parlament Assambleyasında  nümayəndə heyətinin rəhbəri yenə, deyəsən, Avropadadır, bir az avropalaşıb.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əli Hüseynliyə söz verək? Yaxşı, onlardan başqa müxalifətdə olan partiya nümayəndəsi kimi Qüdrət Həsənquliyevə, bir də iqtidar partiyasından Siyavuş Nov-ruzova söz verəcəyəm. Hələlik belə başlayaq, sonra siyahı ilə gedəcəyik. Buyursun Səməd Seyidov.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Dedim ki, çalışıb hamıya söz verəcəyəm. Siyasi partiyalar 11-dir. Elə sizin hamınıza bir-bir söz verim, camaat qalsın? Xahiş edirəm...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən axı izah etdim ki, üç siyahı yazıldı. O siyahıda sənin neçənci olduğundan xəbərin yoxdur. Buyursun Səməd Seyidov.
S.Seyidov. Oqtay müəllim, çox sağ olun. Doğrudan da, bu gün bizim üçün çox vacib, əhəmiyyətli bir gündür və Avropa Parlamentinin qəbul etdiyi qətnamə bu gün parla-mentimizdə çox ciddi təhlil olunmalıdır. Bu məsələnin müzakirə olunmasına şərait yaratdığınıza və öz çıxışınızda əsas məqamlara toxunduğunuza görə Sizə minnətdarlığımı bildirirəm. Mən də uzun illər beynəlxalq təşkilatlarda işləyən  bir şəxs kimi Azərbaycana qarşı bu provokasiyanı komitəmiz adından, öz adımdan pisləyir, ona layiqli cavab verməyinizi xahiş edirəm.
Avropa Parlamenti Azərbaycanda parlament seçkiləri ərəfəsində yalan və böhtanlarla dolu bu qətnaməni tez-tələsik qəbul etməklə ilk öncə öz nüfuzuna böyük bir zərbə vurmuşdur. Elə bir zərbə vurmuşdur ki, bəlkə hələ uzun müddət bunun altından çıxa bilmədi. Bundan sonra onların deyəcəyi sözlər, qəbul edəcəyi qətnamələr, verəcəyi vədlər və sair addımlar heç bir ciddi əhəmiyyət kəsb edə bilməz. Ona görə ki, onlar yalnız Azərbaycanın yox, bütün Avropanın və dünyanın gözü qarşısında suveren, müstəqil dövlətə qarşı belə bir provokativ və məsuliyyətsiz addım atdılar.
Sual olunur, Avropa Parlamentinin bu deputatları niyə, nə məqsədlə manipulyasiya edərək, – Siz çox düz qeyd etdiniz, – haqq sözə, sağlam qüvvələrə – bitərəf qalmış 72 və əleyhinə səs vermiş 202 deputata qulaq asmadılar. Bunun bir izahı, bir cavabı var. O da hörmətli millət vəkillərinin və Sizin çıxışınızda qeyd olundu. Əlbəttə, bunun izahı Azərbaycanın müstəqil  bir dövlət olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, kiminsə diqtəsi ilə yox, öz fikri ilə, öz xalqının maraqlarına müvafiq olaraq  hərəkət etmək və inkişaf etmək iqtidarında olması və ən əsası işğal olunmuş torpaqlarını bu gün özü Minsk Qrupundan, Avropa Parlamentindən, başqa təşkilatlardan kənar azad etmək iqtidarında olmasıdır. Budur onları qorxuya salan və bu cür məsuliyyətsiz addım atmağa vadar edən səbəblər.
Əziz həmkarlar, beynəlxalq təşkilatlarla əməkdaşlıq hər bir ölkə üçün öz problemlərini həmin beynəlxalq təşkilatlar vasitəsi ilə dünyaya çatdırmaq məqsədini daşıyır. Biz də öz problemlərimizi Avropa Parlamenti, Avropa Şurası, Av-ronest və başqa beynəlxalq təşkilatlar vasitəsilə Avropaya, dünyaya çatdırmaq və nəticədə həll etmək niyyətində olmuşduq. İnsan haqlarını müzakirə edəndə biz qaçqınları, demokratiya deyəndə bərabərliyi, qanunun aliliyini fikirləşəndə beynəlxalq qanunun zirvəsini düşünürdük.
Ancaq bu qətnamə bizə nə göstərdi? İnsan haqlarının müdafiəsi adı altında suveren dövlətin məhkəmə sisteminə və müstəqilliyinə zərbə vurmaq cəhdlərini, irqçilik, islamofobiya, qeyri-tolerantlıq kimi məsələlərin gündəmə gəlməsini, separatçı qüvvələrin başçıları ilə, terrorçularla bu insanların iş birliyini göstərdi. 
Hörmətli həmkarlar, burada siz də, hörmətli Oqtay müəllim də konkret faktlar gətirdiniz. Mən sizin vaxtınızı çox almaq fikrində deyiləm. Yalnız bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Bu sənədin təşəbbüskarlarından biri  Avropa Azad Alyansında təmsil olunan deputatlardır. Bu qrupun adı insanda elə təsəvvür yarada bilər ki, bunlar Avropa dəyərləri, azadlıq, ümumiyyətlə, gələcək haqqında fikirləşirlər. Ancaq əsla elə deyil. Həmin bu Avropa Azad Alyansının deputatları, bu qərarın təşəbbüskarları bir neçə gün bundan əvvəl Dağlıq Qarabağ bölgəsində separatçı rejimin,  Ermənistanda yox, təkrar edirəm, Dağlıq Qarabağ-da separatçı  rejimin Arsaq Demokratik Partiyasını öz üzv-lüyünə qəbul etmiş və Arsaq Demokratik Partiyasının tapşırığı ilə bu qətnamənin təşəbbüskarlarına çevrilmişlər.
Hörmətli həmkarlar, ölkəmiz naminə, milli maraqlarımız naminə, Prezidentimizin apardığı siyasət naminə bu gün biz öz sözümüzü deməliyik. Biz Avropa Parlamentində sağlam qüvvələrlə birləşib Avronest Parlament Assambleyasında fəaliyyətimizi dayandırmalıyıq. Biz sağlam qüvvələrlə bir-ləşərək orada korrupsiyaya qurşanmış lobbiçi qrupları ifşa etməliyik. Əminəm ki, bugünkü müzakirələr bir də göstərəcək ki, Azərbaycan demokratik yoldan dönməyəcək, ikitərəfli münasibətləri daha da inkişaf etdirəcək, ancaq öz qəti sözünü deyərək belə cəhdlərə son qoyacaq. Diqqətinizə görə sağ olun.  
Sədrlik edən.  Sağ olun. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Təşəkkür edirəm ki, mənə də söz verdiniz. Çünki indiki mərhələdə ictimaiyyətimiz də, xalqımız da bilməlidir ki, nə üçün biz bu iclası keçiririk, niyə siyasət adamları, ictimaiyyət xadimləri bu cür bəyanatlar verirlər. Çalışacağam ki, qısa çıxışımda həm də bizim Avropa Parlamenti Şərq tərəfdaşlığı çərçivəsində Avronestlə apardığımız əməkdaşlığın belə iflasa uğraması üzərində də dayanım.
Hörmətli həmkarlar, hələ bir neçə ay bundan əvvəl, iyul ayında cənab Prezidentin tövsiyələri var idi və o tövsiyə-lərdə deyilirdi ki, gərək biz yaxın aylarda Avropa ilə yeni əməkdaşlıq mexanizmi formatını və konsepsiyasını hazır-layaq. Düşünürəm ki, parlamentin bugünkü iclasında səs-lənən fikirlər də həmin konsepsiyanın tərkib hissəsi olacaqdır. Yəni bizim bu gün plenar iclas çərçivəsində yığışmağımız həm də bu baxımdan çox əhəmiyyətlidir. 
Hörmətli həmkarlar, siz bilirsiniz ki, bizim parlament Avronest Parlament Assambleyasının fəaliyyətinə çox ciddi dəstək vermişdi, iclaslar keçirilmişdi. Elə ilk dövrdən bizdə bu Parlament Assambleyasının  nizamnaməsi və niyyəti ilə bağlı çox ciddi şübhələr olsa da, biz əməkdaşlığımızı davam etdirirdik. Biz orada sonuncu dəfə yanvar ayında iştirak etmişdik. Gündəliyə Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı məsələ salındı. Onda biz dedik, axı hələ Avronestin nizamnaməsi hazırlananda Azərbaycan nümayəndə heyəti münaqişələrin müzakirəsinin oraya daxil olunmasını  təklif etmişdi. Siz onda dediniz ki, biz belə məsələləri müzakirə etmirik, biz mədəni, iqtisadi,  sosial, vətəndaş cəmiyyəti məsələlərini müzakirə edirik. Bəs necə oldu ki, bu məsələni gündəliyə saldınız?
Demək istəyirəm ki, onların əsl niyyətləri tamamilə başqa bir şey olub. Onlar Şərq tərəfdaşlığı ölkələrindən  bir bufer kimi istifadə etmək istəyiblər və sizə deyim ki, Azərbaycandan başqa bütün ölkələrdə buna nail olublar. Nə üçün Azərbaycanda nail ola bilməyiblər? Ona görə ki, uzun illər ərzində siyasi korrupsiya yolu ilə Azərbaycanda bəzi qeyri-hökumət təşkilatlarını, hüquq müdafiəçilərini, jurnalistləri maliyyələşdirmək kimi cinayətkar əməllər Azərbaycan hüquq sistemi tərəfindən  ifşa olunmuşdur.
İndi qətnamədə Azərbaycan hakimiyyətini siyasi kor-rupsiyada nəyisə araşdırmaqda ittiham edirlər.  Ancaq əgər bizim hüquq mühafizə orqanları bir sıra beynəlxalq donor-larla indi burada həbsdə olan şəxslər arasında əlaqələri bir qədər də dərindən araşdırsalar, görərlər ki, bu gün Azər-baycan  əleyhinə bu fikirləri söyləmiş bir çox Avropa rəsmilərinin özləri bu cinayətkar kriminal qurumun üzvləridir. 
Uzun illər boyu istifadə olunmuş bu qanunsuz resurslar Azərbaycanda ifşa olunmuşdur. Məhz buna görə bu qətnamədə biz daha çox Azərbaycan dövlətinə, ölkə rəh-bərliyinə ünvanlanmış təhqiramiz ifadələri görürük. Mən həmkarlarımın bu fikirləri ilə tamamilə razıyam ki, Azər-baycan xalqı, bizim ictimaiyyətimiz Avropa ilə hansısa siyasi, mənəvi əlaqələrdən narazıdırsa, bu əlaqələri davam etdirməyin heç bir əhəmiyyəti yoxdur.
Amma eyni zamanda, qeyd etmək istəyirəm ki, Avropa İttifaqına üzv olan ölkələrlə bizim çox yaxşı ikitərəfli münasibətlərimiz mövcuddur və bu münasibətlər davam etdiriləcəkdir. Bu baxımdan qətnamədə Avropa İttifaqına üzv olan ölkələrdən müşahidəçilərin bizim parlament seç-kilərinə gəlməsinin qarşısının alınması  ilə bağlı çağırışlar əbəsdir. Heç şübhə yoxdur ki, ikitərəfli münasibətlərimizdən istifadə edib Avropa İttifaqına üzv olan ölkələrdən həmkarlarımızı dəvət edəcəyik və onlar mütləq Azərbaycan parlament seçkilərini müşahidə edəcəklər. Eyni zamanda, cənab Sədr, hesab edirəm ki, biz Şərq tərəfdaşlığı çərçivəsində hökumətimizin də Avropa İttifaqı ilə münasibətlərə bir daha baxmasını tövsiyə etməliyik.
Nəhayət, son olaraq söyləmək istəyirəm ki, əslində, bizim üçün parlament seçkiləri ərəfəsində beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, hansısa qurumların fikirləri vacib deyil. Bizim üçün Azərbaycan  xalqının fikri, seçkilərdə mövqeyi, müşahidəsi vacibdir. Biz bilirik, Azərbaycan xalqı hakimiyyətlə sıx bağlıdır və əminəm ki, bundan sonra da Azərbaycanda Heydər Əliyev siyasəti davam etdiriləcəkdir.  Çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də Sizin və həmkarlarımızın dediyi fikirlərə qoşulmaqla yanaşı, bir daha Avropa Parlamentinin Azərbaycana qarşı son iki ildə üç qərəzli qətnaməsinin şahidi olan bir insan kimi bildirmək istəyirəm ki, biz bir siyasi təşkilat olaraq buna öz etirazımızı bildirir və Avropa Parlamentinə, Avropa strukturlarına, Azərbaycanda gedən inkişafı gözü götürməyən, bu inkişafa zərər toxundurmaq istəyən qüvvələrə bir daha bəyan edirik ki, Azərbaycan öz yolu ilə gedir, Azərbaycan Prezidenti Azərbaycan xalqının etimadını doğruldur, onun mənafeyini bütün mötəbər məclislərdə inamla müdafiə edir və onlar bu xalq – iqtidar birliyinin qarşısını heç cür ala bilməyəcəklər. Buna əmin olsunlar.
İndi burada həmkarlarım qətnamənin ayrı-ayrı müddəaları ilə bağlı fikirlərini söylədilər. Bu qətnamənin mahiyyəti, məğzi cəmi üç bənddə öz əksini tapıbdır. Onlardan biri qeyri-hökumət təşkilatlarına qrantların verilməsidir. Avropa Parlamentində təmsil olunan o insanlar həmin qrant təşkilatlarına rəhbərlik edirlər, orada korrupsiyaya qurşanıblar və ona görə də Azərbaycan qanunvericiliyinə şəffaflığın təmin olunması üçün müddəa salınması bu insanlara sərf etmir.
İkincisi, həm də ən böyük məsələ 10-cu maddə ilə bağlıdır. Göstərilir ki, Leyla Yunusun əfv olunmasını vacib edən əsas səbəblərdən biri işğalçı dövlətin gəncləri ilə Azərbaycan gəncləri arasında dostluq münasibətləri yaratmaqdır. Görün, bunlar bizə qarşı nə qədər ədalətsiz bir yanaşma tərzi nümayiş etdirirlər. Yəni bizim ərazimiz işğal olunsun, bizim ərazimizdə Xocalı soyqırımı kimi bir faciə törədilsin, 1 milyondan artıq insanımız qaçqın olsun, amma bizim gənclərimiz düşmənə düşmənçilik mövqeyindən yanaşmasınlar, desinlər,  dostsuz, yaxşı iş görmüsünüz, əla işdir və onlar da bu prosesləri davam etdirsinlər. Bu qətnamə həmin proseslərin davam etdirilməsinə çağırır.
Digər bir məsələ siyasi məhbuslarla bağlıdır. Avropa Parlamentində hüquq müdafiə təşkilatlarının nümayəndələri də əyləşiblər. Elə təkcə Leyla Yunusla Arif Yunusun hazırlayıb Avropa Şurasına, digər Avropa strukturlarına göndərdikləri siyahılara baxsaydılar görərdilər ki, bu siyahılardakı  onlarla adam narkotik üstündə tutulub və onların, ümumiyyətlə, siyasi təşkilatlara aidiyyəti yoxdur. Bizim bu üzdəniraq hüquq müdafiəçiləri Avropada oturan sifarişçilərləri ilə əlbir olub bunu gəlir mənbəyinə çevirmişdilər.
Jurnalistlərlə bağlı fikirlərə  burada Sabir Rüstəmxanlı münasibət bildirdi. Bilirsiniz, bunlar az qalır desinlər ki, Amerika Birləşmiş Ştatlarında iki jurnalistin güllələn-məsində də dolayısı ilə Azərbaycanın əli var və yaxud Çində inflyasiyanın və yuanın qiymətdən düşməsinin də təşkilatçısı Azərbaycandır. Bu qədər qarayaxma, bu qədər böhtan, bu qədər ikiüzlülük tarixdə görünməmişdir.
Bu gün üzə çıxan əsas məqam nədir? Avropa öz funda-mental dəyərlərindən geri çəkilir. İnsan hüquqları və demokratiya pərdəsi altında istədiyi vaxt istədiyi ölkəni şantaj etməklə məşğuldur. Bu gün biz görürük ki, onların insan hüquqlarına yanaşma tərzi nədən ibarətdir. Biz görürük ki, onlar ərəb ölkələrində törətdikləri hadisələr nəticəsində bütün hüquqlarından məhrum olunmuş insanların başına  hansı oyunları açırlar.
Avropanın bir hüququ ondan ibarətdir ki, qaçqınları öz ərazisində yerləşdirsin. Buna görə kifayət qədər vəsait ayrılıb, büdcələri də var. O büdcələri qaçqınlara deyil, ayrı-ayrı dövlətlərin ərazisində çevrilişlərə sərf edir, müəyyən QHT-lərlə əlaqəyə girib korrupsiya vasitəsi ilə onları mənimsəyirlər. XXI əsrdə konslagerlər tikib insanları dəstə-dəstə ora doldururlar. Ac, susuz uşaqların, qadınların və digərlərinin orada nə zillət çəkdiyinin biz şahidi oluruq. Biz onların tərbiyə etdiyi jurnalistin bir valideyni – öz övladını bağrına basıb qaçan insana necə badalaq vurub yerə yıxmasının şahidi olduq. Həmin avropalı jurnalist haqqında hansı  qərar qəbul  elədiniz, hansı ölçü götürdünüz? İlan da uşağı görəndə vurmaq istəmir. Həmin valideyn öz övladını xilas etmək üçün qaçdığı yerdə ona badalaq vurur.
Konstitusiyamızda çox böyük hərflərlə yazılıb ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Azərbaycanda seçkilərin taleyini xalq həll edir, xalqın  iradəsi həll edir. Xalq gəlir, səs verir. Hansısa təşkilatın gəlib- gəlməməsindən asılı olmayaraq parlamenti xalq seçir, xalq formalaşdırır.   Amerika Birləşmiş Ştatlarında, ümumiyyətlə, ATƏT-in Demokratik Təsisatlar  Bürosunu yaxın buraxmadılar.
Azərbaycanda çox gözəl bir atalar misalı var, deyir: “Xoruz banlamamışdı, səhər açılmırdı?” Bunlar müşahidə etdilər, ya etmədilər, əhəmiyyəti nədir? Artıq bunların bəyanatları hazırdır. Avropa Parlamenti qərar verən kimi ATƏT-in Demokratik Təsisatlar Bürosu da qərar verdi ki, biz də getmirik. Bunlar bir-birinə bağlı olan təşkilatlar, insanlardır. Bunların fikri Azərbaycanda xaos, anarxiya yaratmaqdır. Azərbaycanda güclü dövlət, güclü lider istə-mirlər.
Lakin bunlar yanılırlar. Azərbaycan xalqının gözəl dövlətçilik ənənəsi, zəngin dövlətçilik tarixi var. Gəlsinlər, Azərbaycandan tolerantlığı öyrənsinlər, mənəvi dəyərləri öyrənsinlər, elə seçki sisteminin özünü öyrənsinlər. Azərbaycan həmişə azad, ədalətli, demokratik seçkilər keçirib və bundan sonra da keçirəcəkdir.
O ki qaldı  müxtəlif milli satqınlara, Azərbaycanda milli satqınlar şurası var ki, elə bu medalın iki üzüdür, eyni vaxtda eyni addımlar atırlar. Bu gün seçki prosesi başlayanda Azərbaycandakı bütün siyasi partiyalar, qeyri-hökumət təşkilatları bəyanat verib bu seçki prosesində iştirak etdiklərini bildiriblər. Azərbaycanda tanınmış zi-yalılar, ictimai-siyasi xadimlər bu seçki prosesinə qoşulublar. Bir milli satqınlardan, milli xəyanətkarlardan başqa. Onlar da aldıqları vəsaiti doğruldub gələcək bəyanatlarda yer almaq arzusundadırlar. Xalq bunları görür, xalqla iqtidar birdir, xalq Azərbaycan Prezidentini dəstəkləyib, dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir. Təşəkkür edirəm.  
Sədrlik edən. Sağ olun. Avropadan danışanda oraya pənah aparan qaçqınların vəziyyətini qeyd etdin. 7 milyon  kvadratkilometr ərazisi,  1 milyard əhalisi olan Avropa bir neçə yüz min qaçqını qəbul edib yerləşdirə bilmir, çox pis vəziyyətdə qalıb. Ancaq Azərbaycan 27 ildir 1 milyon qaçqın qarşısında tək qalıb, öz məsələsini özü həll edir.  Bu da heç kimin xoşuna gəlmir. Hesabınızı aparın, 7 milyon kvadratkilometr ərazisi, 1 milyard əhalisi olan Avropa 200–300 min qaçqını bölüşdürə bilmir. Mən o gün televiziyada baxdım, ürəyim ağrıdı. Qaçqınları sən deyən konslagerlərdə yerləşdiriblər, üzr istəyirəm, elə bil, itə çörək atırlar, uşaqlar qaçırlar çörəyin üstünə. Budurmu insan hüquqları?  Öz gözlərində tiri görmür, bizim gözümüzdə qıl axtarırlar. Bunların siyasəti budur. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Cənab Sədr, mənə söz verdiyinizə görə təşəkkür edirəm. Əslində, müzakirələr başlayarkən Siz bu qətnaməni kifayət qədər əhatəli təhlil etdiniz. Mən də və bizim partiya da o qənaəti bölüşürük. Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə, əslində, Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin pozulmasına xidmət edir. Bu qətnaməni hazırlayanlar məhz Ermənistan lobbisindən maliyyələşən korrupsiyalaşmış elementlərdir. Onlar Avropa Birliyinin, Avropa xalqlarının maraqlarını yox, Ermənistanın maraqlarını nəzərə alırlar. Təsadüfi deyil ki, 202 nəfər parlamentari bu qətnamənin əleyhinə səs verib. Deməli, onlar başa düşürdülər ki, bu qətnamə  Azərbaycanla münasibətlərə ziyan vurmuş olacaq. 
Burada qeyd olundu, Oqtay müəllim, təəssüf ki, Azər-baycan  müxalifəti yekcins deyil. Mənim həmkarım da söy-lədi, bu gün Azərbaycanda milli satqınlar şurası adlandırılan bir şura var. Onlar özlərini əsas, aparıcı müxalifət hesab edirlər. Əslində, onlar zənn edirlər ki, bu gün Avropa Parlamentinin o qətnaməsinə dəstək verməklə Avropanın onlara olan münasibəti dəyişəcək. Amma avropalılar da onların satqın olduqlarını bilirlər.
Sonuncu Prezident seçkilərində biz gördük ki, onlar İranın ayrı-ayrı dairələri tərəfindən maliyyələşdirilən islamçılarla hansı əməkdaşlığa getdilər, Rusiyanın burada  qurduğu  hansı oyunlarda rol aldılar. Hətta bu gün özlərini Qərb dəyərlərinin daşıyıcıları hesab edən insanlar şuranın təsis bəyannaməsində qeyd etdilər ki, onlar hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycanın siyasi kursunu referen-dumla müəyyənləşdirəcəklər.
Bu gün onlar Putini ittiham edirlər, çünki Putin onlardan istifadə edib, atıb. O vaxt Putinə bir məktub ünvanlamış-dılar. Həmin məktubda deyilirdi, cənab Putin, biz bilirik ki, Siz insan haqları və qanunun aliliyi ilə bağlı dəyərləri yüksək qiymətləndirirsiniz, bu dəyərlərə sadiqsiniz. Ona görə də biz Sizə müraciət edirik, Rüstəm İbrahimbəyovu vətəndaşlıqdan tez məhrum edəsiniz ki, o, Azərbaycanda Prezident seçkilərində bizim namizədimiz olsun. Amma o haylı-küylü seçkilərdən qabaq Azərbaycana gəlmiş Rüstəm İbrahimbəyov seçkilərdən sonra gördük hansı tapşırıqla gəlmişdi, o tapşırıqla da Moskvada qaldı. İndi quzu kimi heç səsi də çıxmır.
Çox təəssüf ki, bu insanlardan zaman-zaman Azərbaycan dövlətinə qarşı istifadə ediblər. Bunlar hakimiyyətə gəlmək üçün şeytanla da əməkdaşlıq etməyə hazırdırlar. Amma mən indi o insanlara müraciət edirəm, çıxın Azərbaycan xalqının qarşısına və  bircə suala cavab verin,  necə olur ki, Avropa Parlamentində Azərbaycanda insan haqları ilə bağlı məsələ müzakirə olunur, amma onun qəbul etdiyi qətnamədə Azərbaycanda 1 milyon qaçqın haqqında bir kəlmə söz deyilmir?
Mən bir dəfə Avronestin iclasında onlara sual ünvan-ladım, dedim, siz hesab edirsiniz ki, 5-6 nəfər qanunsuz həbs olunub. Tutaq ki, bu belədir, halbuki Azərbaycan istintaq orqanlarının bu məsələyə ayrı yanaşması var – o şəxslər Ermənistan kəşfiyyatına işləyib, xarici dövlətlərin xüsusi xidmət orqanlarının hazırladıqları materialları dərc edib və sair. Tutaq ki,  siz haqlısınız, 5-6 nəfərə  görə siz sanksiya  tətbiq olunmasını tələb edirsiniz. Bəs 1 milyon insanı evindən-eşiyindən didərgin salıblar, əmək hüququndan, mülkiyyət hüququndan məhrum ediblər. 20 mindən artıq insan qətlə yetirilib, on minlərlə insan əlil olub. Bəs bunları edən ölkəyə qarşı siz niyə indiyədək  bir sanksiya tətbiq olunması tələbi ilə çıxış etməmisiniz? Budurmu sizin ədalət, budurmu sizin ali dəyərlərə sadiqliyiniz?
İndi burada miqrantlarla bağlı məsələyə toxunuldu. O insanların qaçqınlara, miqrantlara çevrilməsinin səbəbi məhz elə Qərbin  yaratdığı problemlərdir. Bütün Şərqi onlar qana bulayıblar. Bilə-bilə ki, demokratik cəmiyyət qurmaq üçün ilk növbədə insan amili, demokratik ənənələr, vərdişlər lazımdır. Misiri gördünüz necə qana buladılar. Nə oldu, Misirdə demokratiya qurdular? Bir generalı başqa bir general əvəz etdi, əvəzində ölkə iqtisadiyyatı hansı vəziyyətə düşdü və nə qədər günahsız insan qətlə yetirildi. İndi İraq bir dövlət kimi yoxdur, Suriya bir dövlət kimi yoxdur. Liviya rifah dövləti idi, əhalisi ən yaxşı yaşayan ölkələrdən biri idi. İndi tayfa-tayfa bölünüb bir-birini qırırlar. Liviyanı bu günə siz saldınız. İndi o insanlar Avropaya üz tuturlar. Bəs onları necə qarşılayırsınız, hanı sizin o ali dəyərlər? Bəzi dövlətlər deyir ki, biz yalnız xristian qaçqınları qəbul edə bilərik, müsəlmanları yox. İslamofobiyanın bu gün Avropada hansı həddə çatdığını biz yaxşı görürük.
Mən hesab edirəm, bu qətnamə həm də ona görə qəbul olunub ki, son vaxtlar Azərbaycan ordusu xeyli fəallaşıb. Azərbaycan dövləti torpaqlarının azad olunmasını daha ciddi formada tələb eləyir. Bununla da onlar Azərbaycanı sıxışdırmaq, təzyiq altında saxlamaq və öz torpaqlarının azad olunması istiqamətində qəti addımlar atmaqdan çəkindirməyə çalışırlar. Ona görə də bu məsələdə, hesab edirəm, bütün Azərbaycan xalqı birlikdə olmalıdır. Biz birmənalı şəkildə bəyan etməliyik ki, bu qətnamə ermənilərin mövqeyinə xidmət eləyən, Avropa xalqlarının maraqlarına xidmət eləməyən bir qətnamədir.
Oqtay müəllim, bununla fikrimi yekunlaşdırıram. Mən güman eləmirəm ki, Avropa Komissiyası da Avropa Parla-mentinin yolu ilə gedəcək və o qətnamədə göstərilən tələb-lərin hər hansı biri ilə bağlı qərar qəbul eləyəcək. Əgər belə bir qərar qəbul olunmuş olsa, o zaman biz həm də Avropa Komissiyası ilə öz əlaqələrimizə yenidən baxmalıyıq. İndi isə biz Avropa Parlamenti ilə əməkdaşlıqla bağlı qəbul olunacaq qərarları birmənalı şəkildə dəstəkləyəcəyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, hörmətli Sədr. Mən də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni qərəzli və əsassız hesab edirəm. Bu qətnamə beynəlxalq norma və prinsiplərə ziddir, ölkəmizdə siyasi hakimiyyətə qarşı təxribat, şantaj xarakteri daşıyır və heç bir reallığı əks etdirmir.
Azərbaycana qarşı qətnamə qəbul etmək Avropa Parla-mentinin səlahiyyətləri xaricindədir. Azərbaycan Avropa İttifaqının üzvü olmadığı və bu təşkilat qarşısında heç bir öhdəlik götürmədiyi üçün qəbul edilmiş qətnamənin hüquqi əsası yoxdur. O bilavasitə ölkəmizə düşmən olan qüvvələr tərəfindən hazırlanıb və onların sifarişi ilə qəbul olunub.
Bu qətnamə Azərbaycana bir təsir vasitəsidir. Qətnamədə yer alan müəyyən müddəalar və maddələr sağlam məntiqə və düşüncəyə sığmır. Azərbaycanda keçiriləcək parlament seçkilərinə 2 aydan çox vaxt qalmış qəbul edilən bu sənəddə ölkədə seçkilərin demokratik keçirilməyəcəyi barədə yürüdülən fikirlər savadsızlığın, ən başlıcası məkrli məqsədlərin nəticəsidir. Bu gün ölkəmizdə mövcud olan yüzlərlə mətbuat orqanının, qəzet və jurnalın, minlərlə qeyri-hökumət təşkilatının, informasiya şəbəkəsinin azad fəaliyyətini, ölkəmizdə baş verən müsbət dəyişiklikləri görməməzliyə vurmaq insan hüquqlarının, mətbuatın, söz azadlığının inkişafına kölgə salmaqdır, qara yaxmaqdır.
Əslində, bu bizə yox, Avropa Parlamentinin özünə ləkədir. Avropa Parlamenti qərəzli mövqeyi ilə Avropa dəyərlərini ayaqlar altına atır, dünyada özünü rüsvay edir, nəinki demokratik inkişafa, insan azadlığına təkan vermir, əslində, münaqişələri kəskinləşdirir, yeni qarşıdurmalara şərait yaradır. Bu gün dünyada baş verən müharibələr, tökülən nahaq qanlar, kütləvi terror hadisələri, dini, irqi ayrı-seçkilik, miqrasiya problemləri, iqtisadi böhran, aclıq, səfalət Avropa Parlamentində əyləşən bir çox bədniyyətli deputatların, dünyanın nadan siyasətçilərinin əməllərinin bəhrəsidir.
Avropa Parlamenti ciddi məsələlərə, problemlərə daha çox vaxt sərf etməyə, diqqət ayırmağa borclu olduğu halda tez-tez qərəzli halda Azərbaycanı hədəfə almaqla özünü rüsvay edir, hansı qanunsuzluqlara yol verməyə qadir olduğunu göstərir və kiminsə oyuncağı olduğunu sübuta yetirir. Parlamentin ikiüzlü deputatları, eləcə də bütün dünya bilməlidir ki, Azərbaycan Prezidenti, dövləti və xalqı yekdildir. Bu xalq Leyla Yunuslardan, Xədicələrdən, vətənə xəyanət edən bəzi milli xəyanətkarlardan ibarət deyil. Bu xalqı zorla sındırmaq, diktə yolu ilə işlətmək, riyakarlıqla ələ almaq olmaz.
Parlamentin qəbul etdiyi qətnamənin qərəzli və əsassız olduğunu bir daha nəzərinizə çatdırıram və Avropa Parlamenti ilə münasibətlərə yenidən baxılmasını təklif edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Biz artıq bir saata yaxındır ki, məsələni müzakirə edirik. Məsələ çox ciddidir. Avropa Parlamentinin, ümumiyyətlə, son 10 ildə Azərbaycana qarşı qəbul etdiyi qərarların heç bir müsbət nəticəsi olmayıb. Xüsusilə Avroviziya ərəfəsində, Avropa Oyunları ərəfəsində Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamələr, qərarlar, mən hesab edirəm ki, onun Azərbaycana qarşı düzgün olmayan siyasətidir.
Qarşıdan parlament seçkiləri gəlir. Azərbaycanda keçiriləcək bu seçkilərdə Avropa Parlamenti maraqlı olduğu üçün bu parlament seçkilərinə müəyyən qədər müdaxilə etmək, təsir etmək, öz lobbiçilik fəaliyyətini həyata keçirmək istəyir.
Əlbəttə, Avropa dövlətləri Avropa Parlamenti demək deyil. Avropa dövlətləri ilə Azərbaycanın çox sıx iqtisadi, siyasi, mədəni əlaqələri var. Biz öz qazımızı, neftimizi faktiki olaraq Avropa dövlətlərinə ixrac edirik və Avropa dövlətlərində çətin vəziyyət yarananda Azərbaycanın dövlət başçısı qazın ixracı ilə bağlı məhz Avropanın xeyrinə qərar qəbul edərək Azərbaycan qazının Avropaya çıxarılması ilə əlaqədar göstərişlər verib.
Qətnamədə, əsasən, iki məsələ öz əksini tapır. Bayaq burada millət vəkilləri qeyd elədilər, birinci məsələ qrant layihələri ilə əlaqədardır. Yadınıza gəlirsə, qrant layihə-lərinin şəffaflığını təmin etmək üçün biz Milli Məclisdə müəyyən qərarlar qəbul etdik. Bu qərarlar qəbul edildikdən sonra hüquq mühafizə orqanları qrant almış təşkilatlarla əlaqədar müəyyən araşdırmalar apardılar və çox ciddi nöqsanlar üzə çıxardılar. Bunlar, əslində, Avropa Parla-mentindəki müəyyən qüvvələrin lobbiçilik fəaliyyətinin, yəni siyasi biznesinin nəticəsidir.
Qətnamədə ikinci ciddi məsələ Qarabağla əlaqədar məsələdir. Yəni Avropa Parlamenti faktiki olaraq Qarabağın Ermənistan tərəfindən işğalına haqq qazandırır, Azərbaycanın güc yolu ilə öz torpaqlarını azad etməsini qəbul etmir və bu məsələdə daha çox erməni lobbisinin fəaliyyətini dəstəkləyir.
Amma bir şeyi də nəzərə almaq lazımdır. Avropa Parlamentinin yaratdığı təşkilatlarda iştirak edən millət vəkillərimiz, bizim diaspor təşkilatları, səfirliklərimiz də bu istiqamətdə fəaliyyətlərini artırmalı, Azərbaycanın əleyhinə səs vermiş həmin deputatlarla daha çox və daha çevik işləməlidirlər. Biz burada qərar qəbul edəndə yaddan çıxarmamalıyıq ki, 202 deputat bu qətnamənin əleyhinə səs verib, 72 deputat bitərəf qalıbdır. Yəni onların da mövqeyini nəzərə almalıyıq.
Azərbaycan dövləti, ümumiyyətlə, açıq siyasət aparır. Bunu Azərbaycanın dövlət başçısı İlham Əliyev həmişə qeyd eləyib. Amma çox  təəssüflər olsun ki, bu açıq siyasət, Azərbaycanın dövlət başçısının apardığı müstəqil siyasət bir sıra dövlət başçılarının xoşuna gəlmir. Onlar Azərbaycanda da Ermənistan kimi marionet bir dövlət görmək istəyirlər ki, Azərbaycanın dövlət başçısı onların dediyi ilə oturub-dursun. Amma Azərbaycanın dövlət başçısı Azərbaycan xalqının maraqlarını, Azərbaycan dövlətinin müstəqilliyini üstün tutaraq öz sərbəst siyasətini aparır və fəaliyyətində, əlbəttə, Azərbaycan xalqına arxalanır.
Ümumiyyətlə, mən belə hesab edirəm ki, Avropa Parlamenti ilə işləmək lazımdır. İndi biz burada hansı bəyanat və ya qərar qəbul etməyimizdən asılı olmayaraq Avropadan təcrid olunmamalı, Avropa dövlətləri ilə əlaqələrimizi daha da sıx qurmalıyıq. Mən yenə qeyd edirəm, Avropa Parlamenti Avropa dövlətləri demək deyil. Avropa dövlətləri ilə Azərbaycanın çox sıx əlaqələri var. Azərbaycanın dövlət başçısının faktiki olaraq bütün Avropa dövlətlərinin başçıları ilə çox sıx təması var. Avropa dövlətləri bizim ticarət tərəfdaşlarımızdır.
Əlbəttə, mən Avropa Parlamentinin qəbul etdiyi bu qətnaməni pisləyir və qəbul etmirəm. Mən hesab edirəm ki, biz Avropa Parlamentində tərəfimizdə olan deputatların sayını çoxaltmaqla belə qərarların qarşısını ala bilərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Vahid müəllim. Biz demədik ki, Avropa ilə əlaqəni kəsirik. Birincisi, Avropa Parlamenti deyəndə Avropa Parlamenti qarşısında bizim heç bir öhdəliyimiz yoxdur. Avropa Parlamenti ilə biz iki təşkilat yaratmışdıq. Amma sonra məlum oldu ki, bunlar bu təşkilatlarla işləmək istəmirlər. Bundan əlavə, həmin o Şults dediyimiz Avropa Parlamentinin Sədri hətta Avropa Oyunları ərəfəsində qeyri-rəsmi olaraq bütün deputatlara tapşırmışdı ki, Azərbaycana heç kim rəsmi və ya qeyri-rəsmi səfər eləməsin. Bir sıra deputatlar zəng eləyib üzr istəyirdilər ki, bağışlayın, gələ bilmirik, Şults bizi buraxmır.
Bu Avropa Parlamenti nə deməkdir? Avropa Parlamenti avropalı seçicilərin 42 faizinin səsi ilə seçilib. Avropa Parlamenti Avropa demək deyil. Biz Avropa ölkələri ilə ikitərəfli əlaqələrimizi inkişaf etdiririk, bundan sonra da inkişaf etdirəcəyik. Avropa Parlamentinin təşkilatları ilə işi dayandırmaq Avropa dövlətləri ilə işi dayandırmaq deyil. Xahiş edirəm, bunu qarışdırmayın. Buyurun, Ziyafət müəllim.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar! Əvvəla, onu deyim ki, Avropa Parlamentinin heç bir hüquqi əsası olmadan qəbul etdiyi bu qətnamə tamamilə saxta, böhtan və yalandan ibarət bir kağız parçasıdır. Sadəcə olaraq, bu sessiyada buna cavab verməmək olmaz. Çünki bu, birinci qətnamə deyil.
Mən 2014-cü ilin sentyabrını sizin yadınıza salmaq istəyirəm. Avropa Parlamentinin yeni seçilmiş 751 deputatı sentyabr ayının 18-də ilk iclasına yığışar-yığışmaz Azərbaycana qarşı qətnamə qəbul edir. Xeyir ola? Hələ təzə toplaşmısınız, çoxları heç Azərbaycanı tanımır. Heç Azərbaycana gəlməmisiniz. Nədir məqsəd, nədir səbəb? Səbəb birdir – Azərbaycanda davamlı surətdə mövcud olan ictimai-siyasi sabitlik bunları qane etmir. Bəli, vaxtilə ulu öndərimiz Heydər Əliyev çox gözəl deyib ki, müstəqilliyi qoruyub saxlamaq onu elan etməkdən çox-çox çətindir. Doğrudan da, çətindir. İndi biz bu çətinlikləri görürük və belə çətinliklərə hazır olmalıyıq.
Mən indi bu qətnamədə əks olunmuş bəzi məsələlərə keçirəm. Avropa Parlamentinin qəbul etdiyi qətnamədə bunlar, əsasən, nəyə diqqət yetirirlər. Guya Azərbaycanda söz və mətbuat azadlığına məhdudiyyət qoyulur, senzura var və sair və ilaxır. Bu gün Azərbaycanda 50-yə yaxın siyasi partiya, minlərlə qəzet, jurnal, onlarla telekanal var. Burada bizim hörmətli jurnalistlər oturublar. Mən onlara müraciət eləyirəm, sizə burada nə vaxt təzyiq olub ki, bunu yazmayın, bunu yazın? Bu qədər ağ olmaz axı. Bu, yalandır, böhtandır. Azərbaycanda belə şey ola bilməz. Kim nə istəyir yazır. Mətbuatda bizi də tənqid eləyir, hətta təhqir eləyirlər. Amma biz heç məhkəməyə müraciət eləmirik. Çünki ulu öndər bir dəfə dedi ki, mən, ümumiyyətlə, rəsmiləri buna görə məhkəməyə müraciət eləməməyə çağırıram, mətbuatdır, qoy yazsın. Azərbaycanda senzuranın olduğunu, söz və mətbuat azadlığına məhdudiyyət qoyulduğunu demək, doğrudan, gülüncdür.
Siyasi məhbuslar məsələsinə gəldikdə dəfələrlə demişik, Azərbaycanda bir nəfər də olsun siyasi məhbus yoxdur. Hörmətli cənab Sədr, Siz özünüz də xarici qonaqları qəbul eləyəndə dəfələrlə məsələ qaldırmısınız ki, deyin görək siyasi məhbus nədir? Bunun bir beynəlxalq hüquqi anlayışını verin, biz bilək. Niyə vermirsiniz? Çünki bunlara bu sərf eləmir. Çünki siyasi məhbus anlayışı adı altında bunlar istənilən dövlətin daxili işlərinə qarışırlar. Ona görə də heç bir beynəlxalq sənəddə siyasi məhbus anlayışı yoxdur. Kimə istəyirlər, siyasi məhbus damğası vururlar.
Azərbaycanda peşə məsuliyyətinə görə cinayət məsuliy-yətinə cəlb olunan heç bir jurnalist, mətbuat nümayəndəsi, yaxud QHT nümayəndəsi yoxdur və ola da bilməz. Azərbaycan demokratik, dünyəvi dövlətdir. Biz bəşəriyyətin qəbul etdiyi bütün dəyərləri qəbul etmiş və Konstitusiyada təsbit eləmişik. Amma Avropa Parlamenti qəbul etdiyi dəyərləri özü hörmətdən saldı.
Avropa Parlamentinin rəhbərliyində bir-iki nəfər – sədr Martin Şults və onun müavini Lunaçek erməni lobbiçilərin və bu parlamentdə Azərbaycanı istəməyən, Azərbaycanda milli satqınlarla əlaqədə olan insanların marionetkasına çevriliblər. Korrupsiyaya bulaşmış insanlardır və sadəcə, Azərbaycana düşmənçilik siyasəti yeridirlər. Azərbaycan sizə nə edib, nə istəyirsiniz Azərbaycandan? Nə edək? Biz inkişaf eləməli deyilik?
Azərbaycan bu gün müstəqil dövlət siyasəti yeridir. Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Azərbaycanda xalqla Prezident arasında çox möhkəm bağlılıq, birlik var. Bu da sizin gözünüzə ox kimi batır. Siz bunu istəmirsiniz. İndi sən istədin-istəmədin, bu mənim günahım deyil axı. Yəni Avropada belə bir lider olmadığına görə onlar paxıllıq eləyirlər – niyə Azərbaycanda bu var, bizdə yoxdur? Bu sənin problemindir, mənim problemim deyil.
Bunlar burada seçkilərlə də bağlı məsələ qoyurlar. Azərbaycanda seçkilər hələ noyabrın 1-də keçiriləcək. Artıq bunların arayışları hazırdır. Bayaq Siyavuş müəllim qeyd elədi, Azərbaycanda suverenliyin daşıyıcısı xalqdır və seçkinin də taleyini xalq həll eləyir. Hələ seçkilər keçirilməyib, siz nə bilirsiniz Azərbaycanda seçkilərin nəticəsi necə olacaq? Azərbaycan xalqının əvəzindən mən Şultsa, Lunaçekə müraciət edirəm: “Sənə kim ixtiyar verib, Azərbaycanda seçkinin taleyini həll eləyirsən, kimsən sən? Biz sizin qarşınızda heç bir məsuliyyət daşımırıq və sizin qarşınızda heç bir öhdəliyimiz yoxdur.”
Bayaq burada miqrantlar və qaçqınlar məsələsinə toxundular. Bu da Avropanın bir utanc yeridir. Bunlar demokratiyadan danışırlar, amma demokratiyanı özləri hörmətdən salırlar. Mən soruşuram, Misirdə, Liviyada, Suriyada, İraqda, Əfqanıstanda bu miqrant, qaçqın axınının səbəbi kim olub? Siz olmusunuz – Amerika Birləşmiş Ştatları və siz, onun Avropadakı müttəfiqləri. Getdiniz, Misiri dağıtdınız, Liviyanı bombaladınız, Suriyanı bom-baladınız, Əfqanıstanı yaman günə qoydunuz.
Süngü ucunda demokratiya gətirməzlər, ay cənablar. Heç bu demokratiya da deyil. Əslində, siz ora demokratiya gətirmək üçün yox, öz mənafeyinizi güdmək, o ölkələri dağıtmaq üçün gəlmişdiniz. Dağıtdınız. Bəs bu ölkələri – Suriyanı, Liviyanı, Misiri, Əfqanıstanı dağıdanda bilmirdinmi bu müharibələr fəlakət törədəcək? Bu insanlar hara getməlidirlər, bu qaçqın hara getməlidir? Bunun evi yox, eşiyi yox. Bütün infrastruktur dağılıb. Bu insan hara getməlidir? Sənin üstünə gəlməlidir də. Buyur, onun problemini həll elə. Milyonlarla dollar qoyub Liviyanı, Misiri, Suriyanı dağıtdınız. Bir milyon qoyub, heç olmasa, onların evlərini bərpa eləyin. Eləmirsiniz!
Siz Aralıq dənizində, – bu hələ ortaya çıxacaq, – on minlərlə insanı qəsdən gəmilərdə batırdınız, öldürdünüz.  Dünən mən Moskva televiziya kanallarından birinin “Vremya” yekun verilişində cənab Lavrovun çıxışına qulaq asıram. Gör vəziyyət nə yerə gəlib çatıb. Bunlar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik  Şurasına, Avropa İttifaqına müraciət eləyiblər ki, biz Aralıq dənizi ilə gələn miqrantların qarşısını daha ala bilmirik, siz bizə icazə verin, mandat verin, biz o gəmiləri yox eləyək. Yəni batıraq. Bu nə vəhşilikdir? Bu nə insanlıqdır, nə demokratiyadır? Siz bizə bundan dərs keçirsiniz? İndi siz gəlib Azərbaycanda siyasi məhbus axtarırsınız. Siz Azərbaycana ağıl öyrədirsiniz. Belə şeyləri görəndə, eşidəndə, oxuyanda adam dəhşətə gəlir.
Siz hansı tolerantlıqdan danışırsınız? Avropanı bölmü-sünüz artıq. Əvvəl heç olmasa, katoliklərlə pravoslavlar bir təhər yola gedirdilər. İndi buna da son qoydunuz. İndi Avropada antisemitizm, islamofobiya, ksenofobiya baş alıb gedir. Niyə belə elədiniz, niyə Avropanı bu günə saldınız? Niyə insanları millətinə, irqinə, dininə görə bölüb araya ədavət toxumu səpirsiniz?
Azərbaycanda belə bir şey olarmı? Hansı ölkədə görmüsünüz ki, yəhudi, müsəlman, xristian dini konvensiyalarının nümayəndələri bir yerdə olsun? Hətta Roma katolik kilsəsinin nümayəndəsi də həmişə bizim hörmətli şeyxin yanındadır. Öyrənin də Azərbaycandan. Öyrənə bilmirsən, paxıllıq eləyirsən, bu sənin öz problemindir. O problemi içində axtarmalı, özünə sual verməlisən ki, bu problemi biz necə həll eləyək.
Bir məsələni qeyd eləmək istəyirəm. Mən bunu dünən televiziyada çıxışımda da dedim. Keçən il möhtərəm Pre-zidentimiz Novruz bayramı çıxışında yaxşı bir ifadə işlətdi, dedi, bu gün beynəlxalq hüquq işləmir. Bəli, bu gün beynəlxalq hüquq işləmir. Bu gün beynəlxalq hüququn gücü yox, gücün hüququ fəaliyyət göstərir. Kim güclüdür, o da haqlıdır. Kimin gücü var, gedir, hansı dövləti istəyir, dağıdır. Ona görə mən hesab edirəm ki, belə çağırışlar hələ olacaq və biz buna hazır olmalıyıq. Belə qətnamələr, yəqin ki, hələ seçkidən sonra da olacaq. Bayaq qeyd etdim, min cür böhtan, yalan dolu arayışlar artıq hazırdır. Biz buna hazır olmalıyıq.
Bax indiyə qədər bunlar Azərbaycana daxil ola bilmirlər. Milyonlarla pul ayırıb, o milli satqınlarla əlaqəyə girib Azərbaycanda xaos yarada, ictimai-siyasi sabitliyi poza bilmirlər. Niyə poza bilmirlər, nəyin hesabına poza bilmirlər? Çünki Azərbaycanda iqtidarla, Prezidentlə xalqın arasında möhkəm birlik var. Bax bu birliyi qoruyub saxlasaq, bundan sonra da belə qətnamələr qəbul olundu, olunmadı bizə heç kim bata bilməyəcək. Ona görə bizə birlik lazımdır. Təcrübə də göstərdi ki, Azərbaycanın çox ağıllı, çox gözəl siyasi strategiyası olan Prezidenti var və bunu da onların gözü götürmür. Çünki özlərində belə ağıllı prezident yoxdur. Üstəgəl Azərbaycanda Prezidentlə xalqın birliyi. Bax bu birlik varsa, Azərbaycanda heç bir ictimai-siyasi sabitliyi pozan qüvvə ola bilməz. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Hörmətli Oqtay müəllim, həm Siz, həm də digər çıxış edənlər Avropa Parlamentinin qərəzli, hətta bəzi hissələri sanki İrəvanda yazılıbmış kimi təsəvvürü yaradan  ermənipərəst qətnamənin mahiyyətini açıb göstərdiniz, hətta digər dövlət rəsmilərinin də bu haqda fikirləri var idi. Mən, sadəcə,  bildirmək istəyirəm ki, bu qətnamə, ümumiyyətlə, bu cür sənədlər nədən qaynaqlanır və niyə üzə çıxır. Açıq deməliyik, bu ona görə üzə çıxır ki, Azərbaycan öz milli maraqlarına söykənən müstəqil siyasət yeridir, dəyərli çevrələrin Dağlıq Qarabağla bağlı umduqları güzəştə getmək istəmir, həm də Qərbdəki islamofob çevrələrin müsəlman dövləti haqqındakı stereotip və doqmalarına uyğun gəlmir. Həmin çevrələr müsəlman dövlətini necə görürlər? Yaxın Şərqdəki proseslər bunu açıq şəkildə ortaya qoymurmu? Hər şeyi öz adı ilə adlandırmalı olsaq,  açıq şəkildə görünmürmü ki, Yaxın Şərqdə “hibrid savaşı” aparılır və  burada kimyəvi, bioloji deyil, psixoloji silah tətbiq edilir.
Bu gün Yaxın Şərqi qan çanağına çevirənlər, islamçı adı ilə islamı gözdən salanlar, belə deyək, onların plantasiya-larında yetişdirilən həmin o psixoloji silahın xammalı rolunda çıxış edirlər. İndi onlar Azərbaycanda da guya siyasi dustaq kimi  azadlıqlarını tələb etdikləri adamlara  həmin o psixoloji silahın xammalı,  adlarını çəkdikləri QHT-lərə, bəzi partiyalara  xaos etiketi kimi baxır, siyasi dustaq kimi adlarını çəkdiklərini isə insan kimi yox, ancaq və ancaq xaos virusu kimi qiymətləndirirlər.  İnsan haqları deyəndə, – az öncə də deyildi, – ilk növbədə bizim 1 milyon  qaçqın və köçkünümüz haqqında danışılmalıdır. Onların insansevərlikləri bu gün Avropada miqrantlara yanaşmalarında üzə çıxmırmı? Mən ancaq özlərinə istinad edib deyəcəyəm.
Üç gün bundan əvvəl Avstriyanın kansleri Verner Fay-man Macarıstanda Budapeştə getmək adı ilə aldadılıb düşərgələrə yerləşdirilən və sonra üzərlərinə sanki qəfəslərdəki heyvanlara atılırmış kimi çörək parçaları atılanlara davranışı bir zamanlar faşist Almaniyasında konslagerə göndərilən yəhudilərlə davranış kimi qiymət-ləndirdi. Düzgün yanaşmadır, amma nədənsə cənab Fayman onu demədi ki, məhz həmin Avropada bir zamanlar faşist Almaniyasında insanların yəhudi olub-olmadıqları soyun-durularaq necə öyrənilirdisə, indi gələn miqrantlar da o cür soyundurularaq  müsəlman, yaxud xristian olub-olmadıqları öyrənilir. Xristianlara güzəştlər tətbiq edilir, müəyyən sığınacaqlar verilir. Yenə də Qərbdəki mənbələrə istinad edirəm, “Daily Mail” qəzetinin yazdığına görə, bu gün Angela Merkel Almaniyasında ayrı-ayrı kilsələrdə yüzlərlə suriyalı xristianlığı qəbul edir, onlara qaçqın statusu, sığınacaq vermək üçün xristianlığı qəbul etdirirlər, biz bu reallıqları görürük. Məhz ona görə bu gün bəzi siyasi dustaq adlandırdıqlarının həbsdən buraxılmalarını istəyirlər, çünki onları insan kimi deyil, məhz xaos yaradacaq qüvvə kimi qiymətləndirirlər. Bunlar məhz o adamlardırlar ki, vaxtilə Əl-Bağdadi kimilərini  İraqda həbsxanadan buraxdılar və nəticədə də Yaxın Şərqdə hansı mənzərə yarandı, göz önündədir. Mən bunları ona görə bütün çılpaqlığı ilə deyirəm ki, əziz həmkarlar, bir xalq olaraq  bütün bu xaos viruslarına qarşı bizdə immunitet olduğunu bir daha göstərməliyik. Bizim bir yolumuz var, bizi bu günə gətirib çatdıran Heydər Əliyev olub. Bizim bir liderimiz var, cənab İlham Əliyev və bizim bir məqsədimiz var, Azərbaycanımızı indiki kimi müstəqil, indikindən də güclü və bütöv görmək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, mənim bir təklifim var. Sizə yaranacaq redaksiya komitəsinin  tərkibini elan etmək istəyirəm.  Valeh Ələsgərov, Səməd Seyidov, Bəxtiyar Əliyev, Qüdrət Həsənquliyev, Sahibə Qafarova, Çingiz Qənizadə və Sədaqət Vəliyeva. Bu üzvlərə etiraz yoxdur? Onda xahiş edək, onlar qərar üzərində işləsinlər, biz çıxışlarımıza davam edək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elton Məmmədov.
E.Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Sentyabr ayının 10-da Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qəbul edilmiş qətnamə qərəz və cəfəngiyatın ən yüksək pilləsinə çatmaqla ölkəmizin dünyada artan nüfuzuna, beynəlxalq imicinə xələl gətirmək məqsədi güdür. Yalnız dərin düşüncə sahibləri bu hərəkətin onların özlərinə qarşı yönəldiyinin fərqinə vara bilərlər.
Son illərdə Azərbaycanın sürətli inkişafı, insanların rifah halının yaxşılaşdırılması, fundamental və hüquq azadlıqla-rının qorunması Avropa Parlamenti üzvlərinə yaxşı məlum-dur. Sadəcə, onlar qurumun bəzi üzvlərinin qərəzli, ikiüzlü və qətnamənin bəzi bəndlərində ermənipərəst mövqeyini dəstəkləməklə Avropa Parlamenti haqqında qeyri-obyektiv təəssüratın formalaşmasına xidmət göstərmiş olurlar. Azərbaycandan insan haqları üzrə Avropa məhkəməsinin bütün qərarlarının icrasını tələb edən bu parlament nəyə görə girovluqda olan Azərbaycan vətəndaşlarının şikayətlərini Avropa məhkəməsinin icraatına qəbul edilmədiyini araşdırmır? Nəyə görə bu parlament Azərbaycana qarşı yalnız qərəzli qətnamə qəbul etməklə məşğuldur? Bəlkə ölkəmizin üzləşdiyi təcavüzlə bağlı qətnamə qəbul etmək barədə də düşünsünlər, Ermənistanın təcavüzü nəticəsində milyonlarla azərbaycanlı qaçqın və məcburi köçkünün kütləvi surətdə pozulan hüquqlarının bərpasını da yada salsınlar. Axı qəbul etdiyiniz qətnamədə insan haqlarının pozulmasını önə çəkirsiniz. Bu isə əminliklə söyləməyə əsas verir ki, sizin əsas meyarınız həqiqət yox, müəyyən dairələrin tapşırıqlarının yerinə yetirilməsidir. Əsas prinsipi sülh, inkişaf, demokratiya, insan haqları olan Avropa Parlamenti bu prinsiplərin əleyhinə yönəlmiş fəaliyyət nümayiş etdirməklə məşğuldur. Əgər Avropa Parlamenti öz Avropa dəyərlərinə, ümumbəşəri prinsiplərə əməl etsə idi, qəbul etdiyi qətnamə də sülhə, əmin-amanlığa xidmət edərdi. Müstəqil siyasət yürüdən, sürətli inkişaf yolunda olan Azərbaycanın uğurları bu qurumun ermənipərəst qüvvələrini ciddi narahat edir. Belə olmasa idi, hər dəfə önəmli hadisələrin astanasında olan zaman qərəzli qətnamələr qəbul edilməzdi.
Keçən il ölkəmizdə son dərəcə əhəmiyyətli bir layihəyə – Cənubi Qafqaz dəhlizinin tikintisinə start verildiyi bir ərəfədə bu parlament vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təqiblərin olmasını pisləyən böhtan xarakterli qətnamə qəbul etmişdi. İndi isə Azərbaycanda parlament seçkiləri ərəfəsində bu ənənə yenidən təkrarlanır. Birinci Avropa Oyunlarının möhtəşəmliyinin, təkrarolunmazlığının nəinki Avropanı, hətta bütün dünyanı heyrətləndirməsi ölkəmizi gözü götürməyən qüvvələrin narahatlığına, həyəcanına səbəb olmuşdur. Müəyyən qüvvələrin cəhdlərinə, təzyiqlərinə baxmayaraq, Azərbaycan öz Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil xarici siyasət yürütməklə tolerantlığın öz layiqli dəyərləri ilə Avropa ölkələrindən daha üstün olduğunu sübut etmişdir. Ölkəmiz Azərbaycan xalqının hərtərəfli inkişafı və müdafiəsinə istiqamətləndirilən məqsədli xarici və daxili siyasət yürüdür və bundan sonra da yürüdəcəkdir. Avropa Parlamenti və dünya ictimaiyyəti bilməlidirlər ki, haqq ədalətdən, ədalət isə mərhəmətdən daha yüksəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən.  Sağ olun. Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Mən də məndən qabaq çıxış edən, hörmətli cənab Sədr, Siz başda olmaqla bütün deputat həmkarlarımızın fikirlərini dəstəkləyirəm və onlarla şərikəm. Görünür ki, ölkəmizin nüfuzunun gündən-günə art-ması, dünyanın iqtisadi və sosial həyatında özünə layiqli yer tutması anti-azərbaycan siyasəti yeridən müəyyən dairələri, xüsusilə Avropa Parlamentindəki  bəzi nümayəndələri çox narahat edir. Belə olmasa idi, onlar hər dəfə respublikamızda böyük beynəlxalq və ölkə əhəmiyyətli tədbirlər ərəfəsində öz məkrli niyyətlərini biruzə verməzdilər.
Avroviziya – 2012, 2013–cü il Prezident seçkiləri, 2015-ci ildə Birinci Avropa Oyunları zamanı biz bunun şahidi olmuşuq. Bu gün isə parlament seçkiləri dövründə növbəti ssenarini davam etdirmək istəyirlər. Bu parlamentin ölkəmizlə bağlı qəbul etdiyi ürəkbulandıran kağız parçası olan sənədi də antiazərbaycan siyasəti yeritməyi özlərinə peşə seçənlərin əməllərinin nəticəsidir. Qətnamə ilə tanışlıq dediklərimizi tamamilə təsdiq edir. Belə ki, bu qətnaməni hazırlayanlar da bizə tanış olan eyni simalardır. Mən onların adlarını çəkmək istəmirəm. Ona görə ki, onlar buna layiq deyillər. Bu kəslər kimlərinsə verdikləri 5–10 dollara və erməni lobbisinin həqiqətdən uzaq fikirlərinə aldanaraq heç bir araşdırma aparmadan, geniş və hərtərəfli müzakirələr keçirmədən  ölkəmizə çirkab atmaqla məşğuldurlar. Onlar unudurlar ki, Azərbaycan bölgədə daxili sabitliyi ilə seçilən, maliyyə və iqtisadi böhrana məruz qalmayan, vətəndaşlarının maddi rifah halını ilbəil yaxşılaşdıran bir ölkədir.
Qətnamədə ölkəmizi konkret cinayət işi üzrə məsuliyyətə cəlb olunmuş bir neçə nəfərə görə insan haqlarının pozulmasında qınayırlar. Sənədə imza atanlardan soruşmaq lazımdır ki, əgər sizin həqiqətən də insan haqlarının pozulmasına qarşı mübarizə aparmaq niyyətiniz varsa, onda nə üçün 25 ildən çoxdur hüquqları Ermənistan tərəfindən kobudcasına pozulmuş 1 milyondan çox Azərbaycan vətəndaşının taleyinə biganə qalırsınız. Bu qədər qaçqının tələbatını kiçik bir ölkə olan Azərbaycan təkbaşına ödədiyi halda, Qərb özünün iqtisadi maraqlarının qurbanı olan Yaxın Şərq miqrantlarının əlində aciz qalıb. Onlara Avropa ölkələrində sığınacaq verilmir, miqrant sığınacaqları yandırılır. Qaçqınlara işgəncələr verilir, hamının gözü qarşısında təhqir olunur, döyülürlər. Müsəlman miqrantların gəmilərini deşib Aralıq dənizində batırırlar. Bəs nəyə görə bu dırnaqarası insan hüquqlarının carçıları səslərini çıxartmırlar? Əgər beynəlxalq hüquqdan danışırsınızsa, nə üçün 22 il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının erməni ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi 4 qətnaməsinin yerinə yetirilməsini tələb etmirsiniz? Əlbəttə, onlar bunu tələb edə bilməzlər. Çünki onlar erməni lobbisinin dilənçiləridirlər və onların sifarişi ilə hərəkət edirlər. Rüşvət və korrupsiya girdabında boğulan, şərəf və ləyaqətin nə demək olduğunu bilməyən, mənəvi dəyərləri tapdalayan bu kəslər indi bizə mənəviyyat dərsi vermək iddiasına düşüblər. Onlar 1 milyon qaçqının taleyindən yox, Azərbaycan mentalitetinə uyğun olmayan lezbiyan, homoseksual və digər insanların durumundan narahatdırlar.
Əziz həmkarlar, təkcə bu fakt onu göstərir ki, Avropa Parlamentində oturan bəzi siyasətbazlar Avropada baş alıb gedən qlobal problemlərin həlli, insanları qaçqın və köçkün gününə salan münaqişələrin aradan qaldırılması, dünyada sülhün və sabitliyin bərqərar olması üçün çalışmaq əvəzinə cılız və parlament fəaliyyəti ilə uzlaşmayan bir işlə məşğul olurlar. Yaxşı olar ki, onların təmsil olunduqları ölkələr kimləri Avropa Parlamentinə nümayəndə göndərdikləri haqqında bir daha götür-qoy etsinlər. Məhz məsuliyyət hissini itirən belə siyasətbazlar ucbatından bu qurumun onsuz da nüfuzdan düşmüş imicinə yeni zərbələr vurulur. Zənnimizcə, Azərbaycanla bağlı qətnaməyə imza atanlar qara siyahıya düşmək üçün dırnaqarası çox layiqli namizədlərdir və hesab edirəm ki, üzvü olmadığımız Avropa İttifaqı ilə münasibətlərimizə də yenidən baxmalıyıq. Çünki ölkəmizə qarşı belə münasibət artıq neçənci dəfədir ki, baş verir. Prezident İlham Əliyev növbəti ilin dövlət büdcəsi ilə əlaqədar keçirdiyi müşavirədə bildirmişdir ki, Azərbaycanda sabitliyi pozmağa və burada maydan hərəkatı yaratmağa can atan qüvvələr var. Onlar müstəqil siyasət yeridən Azərbaycanın uğurlarından çox narahatdırlar. Ancaq bu qüvvələr anlasınlar ki, Azərbaycan dövlətçiliyi möhkəm təməllər  üzərində qurulub. Azərbaycan Prezidentinin apardığı düşünülmüş və uzaqgörən siyasət xalqın dəstəyinə əsaslanır, ölkəmizin sosial-iqtisadi inkişafına, əhalinin rifah halının yaxşılaşmasına yönəldilmişdir. Məhz bunun nəticəsidir ki, ölkə rəhbərliyi ilə xalqın birliyi getdikcə daha da möhkəmlənir, xalqımız öz Prezidenti ətrafında daha sıx birləşərək onu çox  yüksək səviyyədə dəstəkləyir, ona inanır və etibar edir. Bu, günümüzün reallığıdır, bundan sonra da belə olacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Buyursun Yaqub Mahmudov.
Y.Mahmudov. Çox sağ olun, cənab Sədr. Əziz həmkar-larım, hörmətli millət vəkilləri! Mən öncə bildirim ki, bugünkü fövqəladə Məclisin keçirilməsini alqışlayıram və bəzi çıxışlardan fərqli olaraq mən bir sıra məsələlərə daha aydın münasibət bildirmək istəyirəm. Avropa Parlamentinin bu qətnaməsi Azərbaycan xalqına, türk-islam dünyasına qarşı açıq düşmənçilik aktıdır. Mən tərəfdaram ki, düşmənin başını sığallamaq yox, onun üzərinə getmək lazımdır. Bu baxımdan bugünkü Məclis ən sərt bəyanatla çıxış etməlidir. Bu parlamentin qətnaməsi, qərarı təsadüf deyil. Bu qətnamə çox aydın sübut edir ki, Avropa və Amerikadakı müəyyən qüvvələr türk-islam dünyasına, Azərbaycana qarşıdırlar,  məqsədyönlü surətdə antiazərbaycan, antitürk-islam dünyasının əleyhinə düşünülmüş siyasət yeridirlər. Bu qətnamə sübut edir ki, insan haqları, demokratiya, qanunun aliliyi, terrora qarşı mübarizə – bütün bunlar siyasi fırıldaqçılıqdan, çürük demaqogiyadan başqa bir şey deyil. Bu, Qərb dövlətlərinin, böyük dövlətlərin öz maraqlarını həyata keçirməkdən  ötrü dünyanın başını qarışdırmaq üçün etdikləri çağırışlardan başqa bir şey deyil. Bunu başa düşmək lazımdır.
Bu məsələnin kökündə nə dayanır? Avropa öz mənəvi dəyərlərini tükəndirib, əxlaqi keyfiyyətlərini itirib, insan artımı, demoqrafiya dayanıb. Buna görə də dünyaya hökmranlıq etməkdən ötrü hərbi qüvvələrini işə salmaq üçün bax bu çağırışlardan istifadə edir, soyqırımları, qırğınlar törədir. Bu gün bizim gözümüzün qarşısında bütün Şərq ölkələrində bu qırğınlar gedir. Harada gedir? Amerikada gedirmi? Avropada gedirmi? Xeyr, Şərq ölkələrində, türk-islam dünyasında gedir. Bu siyasətin mahiyyəti budur. Ona görə də mən təklif edirəm ki, bütün bu məsələlərdə biz öz mövqeyimizi cənab Prezident kimi açıq və sərt şəkildə bildirməliyik. Avropada antiislam hərəkatı nə vaxtdan başlayıb? Qurani-Kərimin lağa qoyulduğunu biz görmürükmü? Peyğəmbərimizin lağa qoyulduğunu hər gün görürük. Liviyadakı hadisələr, Suriya hadisələri, Misirin, İraqın qan gölünə döndərilməsi, Əfqanıstan və Pakistan, indi də Türkiyəyə əl qatıblar.  Azərbaycanı da o girdaba salmaq istəyirlər. Bunu görmək və ona görə də düşmənin üzərinə yerimək lazımdır.
Mən bir tarixçi olaraq bildirmək istəyirəm ki, Avropanın bu siyasəti ənənəvi siyasətdir. Çürük siyasət olan soyqırımları siyasəti xaç yürüşlərindən başlayıb. Böyük coğrafi kəşflərdə Amerika qitəsinin qədim xalqlarını viran qoydular, Asiyanın qədim xalqlarını məhv etdilər, öz siyasətlərini Afrikada qara dərili insanlara qarşı həyata keçirdilər və dünyanın bir çox xalqlarını yer üzündən silib atdılar və Avstraliya qitəsini ələ keçirdilər. Bax budur Avropadan yeridilən siyasətin mahiyyəti, bu siyasət bu gün də davam etdirilir. İki dünya müharibəsi Avropadan başladı, Avropa faşizmin vətənidir, ilk faşist rejimləri orada yaradıldı, antisemitizmin vətəni Avropadır və bu gün də İslama qarşı bütün hərəkatlar Avropadan başlayır. Bunu görmək lazımdır. Ona görə də biz bəzi məsələlərdə mövqeyimizi açıq bildirməkdən çəkinməməliyik. Ümumiy-yətlə, xristian həmrəyliyi siyasəti yeridilir. Bəyəm bunu dünya görmür?
Bu gün artıq reallıqdır ki, Avropaya 5–10 min qaçqın gələn kimi  onları soyundurub yoxlayırlar, görüm bunun hansı xristiandır, hansı müsəlman. Xristianı qəbul edirlər, o birini isə  tövləyə salırlar. Biz bu siyasətə nifrətimizi açıq bildirməliyik. Bu qətnamənin qəbuluna xüsusi mövqeyimi bildirmək istəyirəm. Rüşvətlə, erməninin pulu ilə qəbul olunan qətnamədir, ona görə sarkisyanları görmürlər, Qarabağdakı xuntanı görmürlər. İnkişaf edən Azərbaycana qarşı bütün zəhərli oxları Azərbaycanın Prezidentinə qarşı yönəldiblər. Biz buna cavab olaraq Prezidentin ətrafında daha sıx birləşməliyik, Azərbaycan xalqı öz Prezidenti ilə bir olduğunu nümayiş etdirməlidir. Azərbaycanda 5-ci kolon ləğv edilməlidir, milli satqınların üzərinə nəzarət qoyulmalıdır, beynəlxalq təşkilatlarla əlaqədar məsələyə yenidən baxılmalıdır. Dövlətlərlə geniş əlaqələrimiz var. Prezident bu istiqamətdə böyük uğurlara imza atıb, Azərbaycan xalqı bununla fəxr edir.
Bu gün bəzi QHT-lərin fəaliyyəti yoxlanılmalıdır ki, alı-nan maliyyələr haradan gəlir, hara gedir. “Öncə vətəndir” prinsipini  Azərbaycan xalqı önə çəkməlidir, Prezident ət-rafında…
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, Oqtay müəllim. Mən öz adımdan və seçicilərim adından, Nəsimi Rayon Yeni Azərbaycan Partiyası adından Sizə  təşəkkür edirəm ki, bizə – parlamentə belə bir sessiyanın keçirilməsi üçün imkan verdiniz. Oqtay müəllim, həqiqətən də biz bir neçə gündür, seçicilərimizdən çoxsaylı zənglər, müraciətlər alırıq ki, bu məsələyə çox ciddi reaksiya verilməlidir,  bir qərar qəbul olunmalıdır. Siz bizə şərait yaratdınız, həm də  özünüz, demək olar ki,  ürəyimizdən keçən bütün məsələləri dediniz. Ona görə biz, sadəcə olaraq, bəzi fikirlərimizi bir daha Sizinlə, həmkarlarımızla paylaşmaq istərdik.
Həqiqətən də Avropa Parlamentinin bir neçə gün bundan qabaq qəbul etdiyi bu qətnamə Azərbaycanın müstəqilliyinə, Azərbaycanın çağdaş dövlətçiliyinə olan bir təhdiddir. Bu təxribat xarakterli  qətnaməni başqa cür qiymətləndirmək olmaz. Bu nə qərəzdir, nə də paxıllıqdır. Mən hesab edirəm, bu ancaq bizim müstəqilliyimizə bir təhdiddir. Çünki 20 ildən artıq  olan müstəqillik illərində biz dəfələrlə şahidi olduq ki, Azərbaycanda rəngli inqilablar gerçəkləşdirmək istəyən qüvvələr öz məqsədlərinə çata bilmədilər. Bizim qonşularımızda, müxtəlif bölgələrdə müxtəlif rəngli inqilablar keçirildi. Amma Azərbaycan xalqı rəngli inqilaba qətiyyətlə yox dedi, rədd etdi və bütün xalq özünü ulu öndər siyasətinin sadiq qulu, yolçusu hesab etdi. Bu gün də xalqın mütləq əksəriyyəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  apardığı qətiyyətli, cəsur siyasəti dəstəkləyir. Möhtərəm Prezidentimiz dünyanın ən ali kürsüsündə ancaq bir siyasəti dilə gətirir, bəyan edir. O da xalqın milli maraqları, dövlətçiliyimizdir. Ən əsas məsələlərdən biri də budur ki, möhtərəm Prezident tezliklə işğalçı Ermənistan üzərində zəfərimizlə bağlı öz fikirlərini səsləndirdi.
Bu gün həqiqətən də bir sıra Avropa strukturları Avropa Parlamentində öz imicini  darmadağın edibdir. Bir neçə gün bundan qabaq  statistika verildi ki, 200-dən çox uşaq öz hə-yatını zülmdən, işğaldan, müharibədən və terrordan qur-tarmaq üçün  Avropa ölkələrinə üz tutarkən Aralıq dənizində sulara qərq olub. 1992-ci ildə Xocalıda baş verən faciədə  soyuqdan, şaxtadan donmuş uşaqlardan o uşaqların heç bir fərqi yox idi. Həm Xocalıda, həm də Aralıq dənizində sulara qərq olmuş uşaqların bir günahı var, o da müsəlman olmalarıdır. Möhtərəm Prezidentimiz çox cəsarətlə və qətiyyətlə deyir ki, bu, islamofobiyadır, türkfobiyadır. Bu, Azərbaycanın inkişafını istəməyən qüvvələrin paxıllığıdır.
Neçə illərdir, Avropa Birliyinə daxil olan bir sıra ölkə-lərin həm  siyasi-iqtisadi, həm də humanitar sahələrdə  böh-ran keçirmələrinə  baxmayaraq, Azərbaycan bu gün özünün intibahını yaşayır. Azərbaycan dünya səviyyəli layihələrə ev sahibliyi etdikcə bu qüvvələr Azərbaycana qarşı daha ciddi yeni hücum layihələri hazırlayırlar. Ona görə də biz onların  bu son qətnaməsinə qarşı sərt mövqeyimizi bildirməliyik.
Bir neçə ay bundan qabaq bütün Avropa ölkələri referendumla qaçqınların Avropa Birliyi ölkələrinə daxil olması ilə bağlı qərar qəbul etdilər. Bu gün  Sizin də qeyd etdiyiniz kimi, 100 minlərlə qaçqınla  konslagerdəki kimi rəftar olunur. Bu, doğrudan da, bir reallıqdır ki, burada dini ayrı-seçkilik edirlər. Azərbaycan gələn ildən başlayaraq böyük  beynəlxalq tədbirlərə – Beynəlxalq Şahmat Olimpiadasına, İslam Həmrəyliyi Oyunları – 2017-yə, beynəlxalq futbol turnirinə ev sahibliyi edəcək. Bu günlərdə yüksək səviyyədə keçirilən Avropa Oyunları,  əlbəttə, onlarda böyük paxıllıq və qısqanclıq yaradır. Çünki Yunanıstan kimi Avropa Birliyinə daxil olan ölkələr artıq, demək olar ki, yavaş-yavaş borca silinir. Ona görə də əhalisi müsəlman olan  zəngin bir ölkədə  əldə olunan bu nailiyyətlər onları qıcıqlandırır. Mən də hesab edirəm ki, biz Avronest Parlament Assambleyasından qəti olaraq imtina etməliyik. Onsuz da bu qurumların  heç biri bizim maraqlarımızı əks etdirmir. Əgər biz o beynəlxalq təşkilatlarda dərdimizi açıq deyə bilmiriksə, problemlərimizin həlli ilə bağlı özümüzə dəstək görmürüksə, onlar nəyə lazımdır?
Sədrlik edən. Sağ olun. Bahar Muradova.
B.Muradova. Təşəkkür edirəm, Oqtay müəllim.  Mən sözümü onunla başlamaq istəyirəm ki, milli qürur hissi olan, özünü vətənpərvər  insan hesab edən hər kəs üçün bu qətnamə, orada əks olunanlar təhqir kimi qəbul olunmalıdır. Kim bu qətnaməni qəbul edənlərə,  təkcə Azərbaycana yox, ümumiyyətlə, Azərbaycan dövləti kimi dövlətlərin mövqeyinə qarşı yönəlmiş bu fikirlərin burada əksini tapmasına az da olsa hansısa dəlillərdən istifadə edərək haqq qazandırmağa çalışırsa, bilin ki, onların arasında daxili əlaqə və bağlılıq var. Onlar oradan verilən sifarişlərin buradakı icraçılarıdır,  yaxud da daha çox qarışıq məqamda öz maraqlarını güdən, nə olursa-olsun öz layihələrini həyata keçirmək istəyən insanlardır. Ona görə də mən hər şeydən əvvəl ilk olaraq öz soydaşlarımıza səslənirəm, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara, ictimai qurumlara, tanınmış insanlara səslənirəm. Burada öz maraqlarınızı, öz məqsədlərinizi bir kənara qoyub Azərbaycan mövqeyindən çıxış etməyə çalışın. Azərbaycanla münasibətləri pozmaq məqsədini qarşısına qoyan dairələri hədəf seçib onları ittiham etmək əvəzinə, Azərbaycanı Avropa ilə əlaqələri kəsməkdə ittiham etməyə qalxmayın. Bunda maraqlı Azərbaycan deyil.
Azərbaycan beynəlxalq qurumlarla, xüsusilə Avropa qurumları ilə münasibətlərə başlayanda ilk olaraq qarşısına qoyduğu hədəflər iqtisadi əməkdaşlıq, siyasi əməkdaşlıq, humanitar və mədəni əməkdaşlıq, beynəlxalq qurum prin-siplərinin qurulması və bu çərçivədə digər problemlərin həlli,  xüsusilə Dağlıq Qarabağ məsələsində ədalətli mövqe sərgilənməsi idi. Bu illər ərzində biz bir çox tribunalarda çıxış etmişik,  tədbirlərdə iştirak edərək çağırışlar etmişik. Hər dəfə də bu çağırışlarımızın əsas hissəsini beynəlxalq hüquq prinsiplərinin qorunmasına ümid hissi təşkil edib. Biz, doğrudan da, sadəlövhcəsinə düşünmüşük ki, bu gün  Avropanı qədim qitə adlandıran və onun da üzərində da-yanan himayəçi dairələrin əsas məqsədi beynəlxalq hüquq prinsiplərini qorumaqla  ölkələrin ərazi bütövlüyünü, müs-təqilliyini, xalqların və millətlərin hüquqlarını qorumaqdır.
Amma mən diqqəti qəbul olunan bu sənədin və eləcə də, bu tipli sənədlərin görünən və görünməyən tərəflərinə  yönəltmək istəyirəm. Görünən tərəf odur ki, burada kimlərsə guya kimlərinsə hüquqlarını müdafiə etmək istəyir, hansısa ali məqsədlərdən, hansısa insan  haqlarından, vicdan azadlığından, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasından, tolerantlıqdan danışır. Amma  mahiyyətinə vardıqda biz arxada çox gizli hədəflərin, məqsədlərin  gizləndiyini görürük. Əgər ərazi bütövlüyü, millətlərin, xalqların müqəddəratı və dövlətlərin müstəqilliyi əsas götürülürsə, nəyə görə  BMT başda olmaqla elə Avropa Parlamenti, Avropa Parlament İttifaqı, digər təşkilatlar Dağlıq Qarabağla bağlı qəbul edilən sənədlərə əməl olunması barədə belə ucadan çağırış,  yaxud da qəti  və kəskin mövqe nümayiş etdirmirlər. Məgər Azərbaycanın ərazi bütövlüyünə göz yummaq digər ölk-ələrin ərazi bütövlüyünün pozulmasına şərait yaratmaq demək deyilmi?
Bu illər ərzində və son illərdə baş verən hadisələr də onu göstərir ki, sən demə, qədim qitələri heç də  ölkələrin ərazi bütövlüyünün pozulması narahat etmirmiş. Əks təqdirdə mövqelərini açıq şəkildə ortaya qoyardılar. Deməli, dövlətin ərazi bütövlüyünün ayrı-ayrı fərdlərin hüquqlarına qarşı  qoyulması və tərəflərin hüquqlarının müdafiəsinin seçilməsi onu göstərir ki, bu qurumlar, bu təşkilatlar ən müxtəlif maraqlar naminə qarşılarına dövlətlərin müstəqilliyinin  sarsılması və onların ərazi bütövlüyünün rahat şəkildə pozulması məqsədini qoyublar, bu da onların maraqlarının reallaşmasına xidmət edir. Çünki çox asanlıqla  ölkələrin ərazi bütövlüyü pozulduqca daha böyük layihələrin reallaşdırılması imkanı artır. Bunun üçün  Xədicə kimi, Leyla kimi, nə bilim, dünən bu və ya digər məişət zəminində həyatını itirmiş, – əlbəttə, bundan çox böyük təəssüf hissi keçiririk, – insanların guya ki, siyasi maraqlar uğrunda qurban kimi qələmə verilməsi onların işinə və maraqlarına yarayır. Ona görə də mən hesab edirəm ki, biz bu məsələlərdən danışanda əsl mənada insan haqları, fundamental azadlıqlar məsələsinə yanaşmamızla bunu əldə bəlgə edib bu cür sənədləri ortaya qoyan dairələrin məqsədləri arasında bərabərlik işarəsi qoymamalıyıq. Bunlara fərqli yanaşmalıyıq. Mən bizim siyasətçilərdən,  ziyalılarımızdan xahiş edirəm ki, Azərbaycanın milli maraqlarının,  dövləti maraqlarının alver predmetinə çevrilməsi məsələsini heç zaman yaddan çıxarmasınlar və məhz bu mövqedən çıxış etsinlər. Üstəlik də mən bunu təkcə Azərbaycana və Azərbaycan tipli ölkələrə yönəlmiş qərəz və maraq kimi də qəbul etmirəm. Bu təkcə qərəzin nəticəsi deyil. Bu istiqamətdə tutulan mövqenin mahiyyətindən və məzmunundan irəli gələn bir məsələdir. Bu cinayətkarcasına  Avropaya və elə Avropada yaşayan xalqların və millətlərin maraqlarına yönəlmiş bir məsələdir. Mən üzümü avropalılara tuturam, siz düşünməyin ki, əgər qarşıda hədəf  biz tutulmuşuqsa, bu məsələnin sizə ziyanı yoxdur. Bu cür sənədlər və onların verəcəkləri nəticələr ilk növbədə avropalıların həyatına təsir göstərəcək.
Bu gün biz avropalıların timsalında getdikcə daha çox laqeyd, biganə, insan dərdlərinə və faciələrinə, insanların qanının axıdılmasına  biganə qalan insan obrazının, qitə obrazının yaradılmasının şahidiyik. Bu, ilk növbədə Avro-panın maraqlarına, insani maraqlara və bəşəri ideallara zid-dir.  Ona görə də mən üzümü avropalılara tuturam,  siz heç də özünüzü bu prosesdən kənarda təsəvvür etməyin və siyasətçi bilib, deputat bilib seçdiyiniz insanların fəaliyyətinə diqqət edin.  O insanlar Avropa ilə birlikdə bu gün hüquqları pozulmuş sizləri də fəlakətə sürükləyirlər.  Onlar  sivil dünya ilə amiranə bir tonda müəyyənləşdirilərək təyin edilmiş qeyri-sivil dünya arasında dini, irqi, milli, etnik ayrı-seçkilik və bunun da ardınca çox böyük əlamətlərə gətirib çıxara bilən  bir siyasət yürüdürlər. Ona görə mən sizləri gözü açıq olmağa, öz seçdiyiniz siyasətçilərdən haqlı tələblərinizi etməyə və onlara qarşı tənqidi mövqedən açıq iradlarınızı bildirməyə çağırıram. Çünki bu, təkcə beynəlxalq hüququn pozulmasında, müstəqilliyin sarsıdılmasında, xalqların və millətlərin hüquqlarının pozulmasında planlaşdırılan o layihələrin qarşısında maneə olan Azərbaycan tipli ölkələrin deyil, bütövlükdə bu mövqedə duran dövlətlərin,  dünyadakı nizamın, intiqamın, qarşılıqlı münasibətlərin və bizim özümüzün yaratdığımız beynəlxalq hüquq sisteminin pozulması və sarsıdılması deməkdir. Bunlar ayrı-ayrı beynəlxalq təşkilatlarda, Avropa Parlamenti və digər bu tipli Avropa  təşkilatlarında özünə kök salan deqradasiyanın, böhranın nəticələridir. Bu böhranın aradan qaldırılması yalnız bizim borcumuz deyil,  həm də  Avropa dövlətlərinin borcudur. Ona görə də mən hər bir Azərbaycan vətəndaşını bu məsələyə daha qlobal yanaşmağa, bunu Azərbaycan məsələsi kimi deyil, bəşəri bir məsələ kimi qəbul etməyə, elə həmin Avropada mövcud olan və bu günə qədər öz mövqeyini qoruyub saxlayan, bizimlə eyni mövqedən çıxış edə bilən insanlarla, dairələrlə birgə bu kimi  hədələrin, təhdidlərin və çağırışların üzərinə getməyə çağırıram. Bu gün dünyamız təhlükədədir. Bu məsələdə əlbir  olsaq, dünyanı xilas edəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, siz bilirsiniz ki, 3 siyahı ilə işləyirik. Mən heç kimin sözünü almaq istəmirəm. İndi tənəffüs yaxınlaşır. Biz çox çətin bir qətnamə qəbul etməliyik. O qətnamə üzərində iş gedir. İndi Çingiz Əsədullayevə söz verim, sonra tənəffüs elan edəcəyəm.
Ç.Əsədullayev. Çox sağ olun, Oqtay müəllim.  Hörmətli cənab Sədr, hörmətli deputatlar!  Hörmətli Oqtay müəllim tamamilə düzgün qeyd  etdi ki, Azərbaycana qarşı edilən bütün hücumların bir əsas səbəbi var. Bu səbəb Azərbaycan iqtidarının bütün daxili və xarici məsələlərdə milli maraqları üstün tutması, heç nədən çəkinmədən beynəlxalq aləmdə müstəqil siyasət yeritməsidir.
Azərbaycan Avropa qurumları ilə əməkdaşlıq siyasətini həyata keçirir. Biz Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının iştirakçısıyıq. 11 il öncə Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi yaradılıb. Mən bu komitənin həmsədrinin müavini kimi deyə bilərəm ki, əslində, bu komitə son vaxtlar heç bir fəaliyyət göstərmir. Komitə Avropa parlamentləri arasında qanunvericilik bazasının sinxronizə edilməsi, təcrübə mübadiləsinin aparılması, ölkələr arasında münasibətlərin gücləndirilməsi üçün yaradılmışdır. Azərbaycan tərəfi bu komitədə daim aktiv fəaliyyət göstərmişdir. Onun işinin müvəqqəti xarakter daşımaması üçün göstərdiyi bütün səylərə baxmayaraq, komitənin fəaliyyəti formal xarakter daşımışdır. Azərbaycan nümayəndə heyəti daim ünsiyyət qurmaq, ikitərəfli görüşlər keçirmək arzusunu bildirsə də, qarşı tərəfdə bu maraq olmamışdır. Mən həmkarlarımıza Brüsselə son getməyimizi xatırlatmaq istərdim. Bizimlə görüşə Avropa Parlamentinin cəmi 2 nəfər nümayəndəsi gəlmişdi. Bir şeyi də vurğulamaq istərdim ki, bu görüşə gələn və  bizi çox sevən Avropa komissarı Füle bu faktı öz tərəfindən çox kəskin pisləmişdi. Ümumiyyətlə, Avropa Parlamentinə keçirilən son seçkilərdən 2 il keçməsinə baxmayaraq, bu komitə heç bir fəaliyyət göstərmir. Bu haqda komitənin həmsədri hörmətli Valeh Ələsgərov parlament iclaslarında bir neçə dəfə məlumat vermişdi. Mən öncə çıxış edən həmkarlarımın fikirlərini dəstəkləyir və hesab edirəm ki, bu gün bu komitənin fəaliyyətinin dayandırılması məqsədəuyğundur. Bunu hökumət nümayəndələrinə də bildirməliyik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli-yevin rəhbərliyi ilə ölkəmiz son illər misilsiz uğurlara imza atmışdır.  Azərbaycan dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkələri sırasına çıxmış, milli gəlirin həcmi bir neçə dəfə artmışdır. Bütün dünya iqtisadi və maliyyə böhranı içərisindədir, amma Azərbaycan iqtisadiyyatında yüksəliş davam edir.  Bəs Avropada vəziyyət necədir? Avropanın permanent böhran içərisində olduğunu görmək üçün elə bir dərin təhlilə ehtiyac yoxdur. Bu böhran siyasi, sosial-iqtisadi, habelə  mənəvi sahəni də əhatə edir. Xüsusilə Avropanın mənəvi tənəzzülünün getdikcə dərinləşdiyini müşahidə etmək çox kədərlidir. Sosial gərginliyin, işsizliyin və yoxsulluğun artması, avrozona ölkələri arasında siyasi gərginliyin olması fonunda Azərbaycanda tam əks proseslərin müşahidə olunması, sürətli inkişaf, tərəqqi, əhalinin rifahının yüksəlməsi, ictimai-siyasi  sabitlik və əsasən də milli həmrəyliyin möhkəmlənməsi möhtərəm Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan düşünülmüş siyasətin məntiqi nəticəsidir.
Avropa Parlamentinin Azərbaycana qarşı işləyən qüv-vələrin təsiri altına düşməsi dərin narahatlıq doğurur. Elə Avropa  Parlamentinin son qətnaməsi də həmin qüvvələrin çirkin siyasi oyunlarının nəticəsidir. Amma onlar bir məsələni unutmasınlar ki, Avropa Azərbaycana lazım olduğu qədər Azərbaycan da Avropaya lazımdır. Onlar bilməlidirlər ki, qərəz və qeyri-obyektivlik heç kəsə fayda gətirə bilməz. Yaxşı olar ki, onlar öz ölkələrinin seçki prob-lemləri ilə məşğul olsunlar. Mən əminəm ki, ölkəmizin demokratik imicinə, beynəlxalq nüfuzuna zərbə vurmağa, onu Avropadan təcrid etməyə yönələn bu qətnamənin müəllifləri öz niyyətlərinə nail ola bilməyəcəklər. Bu cür çirkin aksiyalar bizi öz yolumuzdan döndərə bilməz. Azərbaycan xalqı möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında hər zaman olduğu kimi daha sıx birləşərək Azərbaycanı istəməyən qüvvələrin cavabını verəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.   
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, bir də deyirəm ki, qətnamə çox dəqiq işlənilməlidir. Ona görə də qətnamə üzərində iş gedir. Tənəffüs elan edirik. Xahiş edirəm, tənəffüsdən sonra hamı bir nəfər kimi iclasda iştirak etsin, çünki səsvermə olacaq. Sağ olun.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Sevinc Fətəliyeva.
S.Fətəliyeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Avropa Parlamentinin qəbul etdiyi qətnamə parlament seçkiləri ərəfəsində dövlətimizin imicinə bir daha xələl gətirmək cəhdidir. Bəzi ölkələr kimi Azərbaycanı da alətə çevirmək istəyən Qərb Azərbaycanla manipulyasiya vasitəsilə əməkdaşlıq etmək arzusundadır. Bu, qəbuledilməzdir. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın milli maraqların qorunmasını əsas tutaraq müstəqil, tarazlaşdırılmış siyasət aparması ciddi narahatçılıq doğurur. İflasa uğramaq ərəfəsində olan Avropa ancaq öz problemlərini həll edəndən sonra Azərbaycandakı vəziyyəti təhlil edib irad tuta bilər.
Bu gün Avropada baş verən islamofobiya, dini dözüm-süzlük, müəyyən dairələrin maraqlarının və ambisiyalarının həyata keçirilməsi Avropa təşkilatlarını tüğyana gətirəcək. Siyasətdə ikili standartları tətbiq edəndən, öz əlləri ilə müqəddəs Avropa dəyərlərini məhv edəndən sonra kimdənsə nəyi isə tələb etmək hüquqları yoxdur. Təəssüflər olsun ki, müasir dövrdə demokratiyanın beşiyi olan Avropa “demokratiya”, “azadlıq” sözlərinin anlayışını dəyişir və bu gün ikiüzlülük və şəxsi maraqlar əsasında qurulmuş mövqelər, satqınlıq, siyasətdə korrupsiya əməlləri ən ali amil hesab olunur. Azərbaycan isə əksinə, ənənəvi  demokratiya dəyərlərinə əsaslanaraq  bu gününü və sabahını qurur. Avropa Parlamentinin üzvləri, həqiqətən, Azərbaycan xalqının hüquqlarını düşünürlərsə, niyə 1 milyon qaçqının hüquqları sənəddə öz əksini tapmır? Niyə bu gün də günahsız uşaqların qətlə yetirilməsi və onların hüquq pozuntuları bu sənəddə yer tutmur? Deməli, onları narahat edən Azərbaycandakı vəziyyət, Azərbaycan xalqının problemləri yox, korrupsiya əsasında qurulan müəyyən dairələrin tapşırıqlarını yerinə yetirməkdir. Azərbaycanla əməkdaşlığın dayandırılması ilə bizi qorxutmaq lazım deyil, bu gün Avropa Azərbaycana yox, Azərbaycan  öz balanslaşdırılmış siyasəti, tolerantlığı ilə, dövlət sosial siyasəti ilə, ümumiyyətlə, dəyərləri ilə Avropaya lazımdır. Azərbaycan beynəlxalq hüquq qarşısında, üzv olduğu təşkilatlar qarşısında öz öhdəliklərini layiqincə yerinə yetirir. Lakin bu, Azərbaycanın daxili işlərinə qarışmaq, məhkəmə proseslərinə qarışmaq hüququ vermir. Bəzi ölkələrdən fərqli olaraq Azərbaycan Respublikasının Prezidenti dövlətin və xalqın maraqlarının qorunmasına əsaslanmış siyasət aparır. Söhbət Azərbaycan–Avropa arasında əməkdaşlığın davamından gedirsə, bu yalnız və yalnız bərabər hüquq əsasında və Azərbaycanın daxili işlərinə qarışmamaq şərti ilə davam etdirilə bilər. Sonda Ziyafət müəllim çox gözəl söylədi. Biz yalnız bir olaraq belə təzyiqlərin qarşısını ala bilərik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, dəyərli həmkarlar, mətbuat nümayəndələri! Əlbəttə ki, bugünkü fövqəladə və növbədənkənar iclasın çağırılmasını mən doğru addım hesab edirəm və düşünürəm ki, bugünkü Məclisin iclasında Avropa Parlamentinə və onun qəbul etdiyi qətnaməyə öz sərt mövqeyimizi bildirməliyik. Bu gün heç kimdə şübhə doğurmur ki, bu qətnamə, – burada həmkarlarım dedilər, – heç bir əsasa söykənmədən böhtan, yalan, qərəz dolu müddəalarla  əhatə olunub və mən hesab edirəm ki, biz bunu bəlkə də o qədər ciddiyə almamalıyıq. O qədər absurd ittihamlar var ki, bəlkə də bu barədə  danışmağa gərək yoxdur. Amma biz məsələnin arxasında nələrin durduğuna baxsaq, görərik ki, bunlar, sadəcə olaraq, Azərbaycanda baş verən müəyyən proseslərə deyil, uzaq məqsədli strateji məsələlərə diqqəti cəlb etmək istəyirdilər. Onların, əlbəttə, niyyətləri ondan ibarətdir ki, – burada  həmkarlarım qeyd etdilər, – Azərbaycan bu gün həyata keçirdiyi  milli maraqlara söykənən siyasətdən onların formalaşdırdıqları və diktə etdikləri gündəmlə fəaliyyət göstərən bir siyasətə keçsin. Əlbəttə, cənab Prezident bunu öz çıxışlarında dəfələrlə deyibdir. Dövlətimiz buna heç bir halda yol verə bilməz. Biz tutduğumuz siyasi kursdan kənarlaşa bilmərik.
Avropa Parlamentinin nə qədər qətnamə qəbul etməsin-dən asılı olmayaraq hesab edirəm ki, bugünkü hakimiyyətin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının maraq-larına istiqamətlənibdir, əlbəttə, bu maraqları biz də anla-yırıq, qəbul edirik və bunu da müdafiə etməliyik. Qətna-mənin digər tərəfinə baxanda, əlbəttə, burada erməni lob-bisinin  izlərini də açıq şəkildə görürük. Bu qətnaməni hazırlayanların, təşkil edənlərin, səs verənlərin erməni lobbisi və diasporu tərəfindən pulla ələ alınmış şəxslərin olduğunu biz burada dəfələrlə dedik, müəyyən faktları da burada göstərdik.
Burada diqqəti çəkən məqamlardan biri də budur ki,  ümumiyyətlə, son bir ildə Azərbaycanla bağlı təxirəsalınmaz məsələlər adı altında 3 dəfə qətnamə qəbul edilib. Sual olunur, Azərbaycanda təxirəsalınmaz məsələ nədən ibarətdir? Bəlkə bu təxirəsalınmaz məsələni özlərində axtarsınlar, Avropada baş verən o qanunsuzluqlara, insan haqlarının kobud şəkildə pozulmasına, miqrantlara qarşı törədilən o cinayətlərə diqqəti cəlb etsinlər. Təxirəsalınmaz məsələdən danışırlarsa, biz neçə müddətdir deyirik ki, bizim iki nəfər vətəndaşımız – Dilqəm Əsgərovla Şahbaz Quliyev erməni girovluğundadır. Ermənistan onları oğurlayaraq girov götürübdür. Yanvar ayından İnsan Haqları Məhkəməsinə müraciət olunub ki, onların məsələsinə baxılsın, heç bir reaksiya yoxdur. Amma burada  bir-iki nəfər haqqında müəyyən bir qərar qəbul olunan kimi iki ay müddətində həmin o şəxsləri dərhal baxışa qəbul edirlər və onlarla bağlı İnsan Haqları Məhkəməsində qərar qəbul edirlər.
Onların bu gün məqsədi nədən ibarətdir? Onların məqsədi bundan ibarətdir ki, bu gün Azərbaycanın milli maraqlarını hərraca çıxaranları, Leyla Yunus kimi satqınları, Xədicə İsmayıl kimi Azərbaycanın milli maraqlarını bütün məqamlarda xarici agenturaya satanları dərhal azadlığa buraxdırsınlar. Biz bunamı getməliyik? Əgər doğrudan da, onlar jurnalistlərin haqqını qoruyurlarsa, ABŞ-da bir neçə həftə bundan öncə iki nəfər jurnalisti canlı yayımda güllələdilər. Onlarla bağlı niyə bir qətnamə qəbul etmirlər?  ATƏT-in Parlament Assambleyasında bir adam var – İzabel Santoş, 3-cü komitənin sədridir, iki gündən bir Azərbaycanla bağlı bəyanat verir. Biz dəfələrlə ona iradımızı bildirdik, dedik ki, siz bu yolla heç bir şeyə nail ola bilməyəcəksiniz, bir az ədalətli, obyektiv olun. Amma həmin İzabel Santoş bu gün Avropada miqrantlarla, Amerikada irqi zəmində baş verənlərlə bağlı susmağa üstünlük verir. Hər hansı bir münasibət bildirmir, ona görə də bu bizi ciddi şəkildə narahat edir.
Bu gün  burada Avropa İttifaqı ilə münasibətlərimizə də toxunuldu. Avropa İttifaqı ilə münasibətlər çox açıq və şəffaf şəkildədir. Cənab Prezident, bilirsiniz ki, bir neçə həftə bundan öncə Avropaya İnteqrasiya Dövlət Komissi-yasının adını dəyişərək Avropa İttifaqı ilə Əməkdaşlıq Komissiyası qoydu. Bəli, biz inteqrasiya etmək istəyirdik, amma biz hara inteqrasiya edirik, hansı dəyərlərə? Bunun müqabilində biz nələri əldə etdik? Yaxud Avronest Parla-ment Assambleyası ilə biz səmimi olaraq  əməkdaşlıq etmək istədik. Bunun müqabilində bizə nə göstərdilər? Bu qədər haqsızlıq, riyakarlıq və  ikiüzlülük. Vətəndaş cəmiyyəti forumu yaradaraq guya digər hökumət təşkilatlarını cəlb edirlər. Vətəndaş cəmiyyəti forumunun önündə gedən kimdir? “People in Need” adında bir təşkilat. Dağlıq Qarabağa dəfələrlə qanunsuz səfərlər edibsiniz, indi ermənilər bunu söz müdafiəsi və azadlığını qoruyan əsas təşkilat kimi qeyd edirlər. Ona görə, hesab edirəm, bu məsələlərdə biz mövqeyimizi açıq şəkildə bildirməliyik və mən çox təqdir edirəm ki, Avropa İttifaqının yüksək çinli məmurlarının Azərbaycana səfəri təxirə salınıbdır, bizim bu sərt mövqeyimiz bundan sonra da davam etməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hör-mətli millət vəkilləri! Avropa Parlamentində qəbul olunan sənəd Azərbaycana qarşı aparılan informasiya mühari-bəsinin, ideoloji müharibənin bir təzahürüdür. Mən bir şeyi xatırlatmaq istərdim ki, qondarma soyqırımının 100 illiyi ilə bağlı çox böyük bir fond yaradılmışdır. Bu fonda ayrılmış vəsaitin böyük bir hissəsi məhz Azərbaycana qarşı müharibəni yenidən canlandırmağa və informasiya mühari-bəsi müstəvisində Azərbaycana ləkə atmaq, sistemli şəkildə Amerika Birləşmiş Ştatlarında, Latın Amerikası və Avropa Birliyi ölkələrində  məhz  Qarabağ məsələsi ilə bağlı Azər-baycana olan hücumların təşkilinə sərf olunur.
Baxın, Avropanın bir sıra tanınmış siyasətçiləri birdən-birə Azərbaycanın işğal olunmuş ərazilərinə səyahətə başladılar. Nə üçün? Deməli, bunun arxasında müəyyən vəsait durur. Bizdə olan məlumatlara görə Qarabağa – Azərbaycanın işğal olunmuş ərazisinə gedən Avropa Parla-mentinin, yaxud  Avropa ölkələri parlamentlərinin hər bir üzvünə təqribən    8 min avroya qədər vəsait verilir. Bizə qarşı belə bir sistemli müharibənin səbəbi özlüyündə aydındır. Söhbət demokratiyadan, insan hüquqlarından getmir. Çünki mən bu siyahıya baxdım. Guya demokratiyanın bu carçıları bir sıra ölkələrdə qəbul olunmuş sanksiyaların aradan qaldırılması uğrunda mübarizə aparırlar. Bu ölkələrdə demokratiyanın vəziyyəti heç dəyişməyib. Amma bunlar sanksiyaların qaldırılması tələbi ilə çıxış edirlər. Bu onu göstərir ki, onlar peşəkar lobbiçilərdir. Təbii ki,  Avropa Parlamentində bizə qarşı çıxış edən erməni lobbisidir. Bununla yanaşı, təbii ki, Azərbaycan və Türkiyənin enerji mərkəzinə çevrilməsini istəməyən, bizimlə rəqabətdə olan qüvvələr Azərbaycana qarşı öz təzyiqlərini gücləndirirlər. Üçüncü qrup Azərbay-canın dünyanın multikulturalizm mərkəzinə çevrilməsini qəbul etməyənlərdir.
Bu gün Azərbaycan artıq islamofobların bəyan etdiyi müsəlmanları ancaq terrorla bağlayan qüvvələrə qarşı əsas cavabdır. Azərbaycanda  bütün millətlər əməkdaşlıq, qarşı-lıqlı hörmət şəraitində yaşayır. Bunların təbliğat sistemi dağıldığına görə Azərbaycan bir hədəf kimi seçilib və Azər-baycanın inkişaf yolunu bunlar danmaq istəyirlər. Mən düşünürəm ki, biz bu istiqamətdə öz işlərimizi daha da gücləndirməliyik. Azərbaycana qarşı belə sanksiyaları tələb edən hər bir Avropa siyasətçisinə, onun seçki dairəsinə Azərbaycan və türk icması öz fəaliyyəti ilə cavab verərək etirazını bildirməlidir. Avropa Parlamentinin qarşısında biz etirazlarımızı bildirməliyik və mən çox istərdim ki, Azərbaycan və türk diasporası bu istiqamətdə daha güclü işləsin. Azərbaycan Parlamenti də bütün Avropa ölkələrinin parlamentləri ilə, Avropada Azərbaycanın dostları ilə birgə öz etirazını bildirməlidir. Biz müstəqil  dövlət kimi böyük qardaşlara artıq əlvida demişik, yeni bir böyük qardaşların yaradılmasına və Azərbaycanla əmr, təzyiq dili ilə danışılmasına Azərbaycan xalqı, Azərbaycan dövləti heç vaxt imkan verməyəcək. Bizim müstəqilliyimiz Azərbaycan xalqının və dövlətinin ən böyük nemətidir. Onun üçün mən əminəm ki, biz müstəqilliyimizin və dövlətimizin ətrafında birləşərək Azərbaycana hökmranlıq etmək istəyən qüvvələrə yox deyəcəyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, xahiş edirəm, yerdən danışmayın, mən dördüncüyəm, beşinciyəm. Hamının riyazi yaddaşı var, 3 siyahıdır, mən baxıb baş çıxara bilmirəm, siz şifahi yadda saxlamısınız. Dedim ki, siyahı ilə söz verəcəyəm. Fəttah Heydərov.
F.Heydərov. Çox hörmətli Sədrimiz, hörmətli deputat həmkarlarımız, hörmətli media nümayəndələri! Doğrudan da, həm ölkəmiz, həm də bu günümüz üçün əhəmiyyətli olan bir müzakirə üçün burada toplaşmışıq. Bu gün biz Azərbaycanımızın müstəqilliyinə, dövlətimizin inkişafına, Azərbaycan xalqının iradəsinə əks olaraq haradansa böyürdən çıxan,  mənbəyi, mənşəyi bilinməyən bir qrup tərəfindən qəbul olunmuş bir qətnaməni müzakirə edirik. Mən indiyə qədər çıxış edən deputat həmkarlarımın əksəriyyətinin fikri ilə şərikəm ki, bu qətnamə dema-qogiyadan, antiazərbaycan, antiinkişaf, antisülh və antibəşəri bir xarakter daşıyan cızma-qaradan başqa bir şey deyildir. Bu qətnamənin elə quruluşuna baxanda görürsən ki, yalnız bir, ya iki müəllifin əlindən çıxan və ayrı-ayrı deputatlara imza etdirilən keyfiyyətsiz bir sənəddir. Burada göstərilən faktların heç biri – Azərbaycan haqqında, Azər-baycan reallığı haqqında göstərilən faktların heç biri reallığa uyğun deyil. Çünki bu gün bunu Azərbaycana gələn, Azərbaycanla tanış olan, Azərbaycanla əməkdaşlıq edənlərin əksəriyyəti etiraf edir ki, Azərbaycan regionda nümunəvi dövlətdir.
Azərbaycan artıq bu gün Avropa Şurasına müraciət edərək  müxtəlif sanksiyalar tələb edir. Artıq dünya ic-timaiyyəti bu gün Azərbaycanda ən vacib olan sülhü, əmin-amanlığı, inkişafı, insanın rifah halının və  cəmiyyətin yaxşılaşdırılmasını görür. Bu gün rast gəlinən iqtisadi və siyasi böhranlardan, qanlı hadisələrdən – hər gün qeyri-insani nəticələrə gətirib çıxaran bu münasibətlərdən uzaqlaşmaq üçün insanlar yenə də Azərbaycana göz dikirlər. Çünki bu gün həm xarici və daxili siyasəti, həm də dövləti idarə etmək üçün ən əlverişli variant Azərbaycanın əlindədir. Azərbaycan Prezidentinin apardığı siyasət istər bizim ətraf qonşu dövlətlərimiz və region üçün, istərsə də dünya üçün nümunəvi siyasətdir.  Azərbaycanda gedən inkişafı artıq demək olar ki, bizi istəməyən qüvvələr – xüsusilə erməni lobbisi, bizim torpaqları işğal edən erməni təcavüzkarları, bu günə qədər 1 milyondan artıq qaçqınımızın, köçkünümüzün öz yurd-yuvalarına qayıt-masına şərait yaratmayan, onların bu tələblərini yerinə yetirməyən, bu gün  erməni lobbisinin təsiri altında o işğalçıları müdafiə edən qüvvələr də görürlər. Azərbaycanda gedən prosesləri gözləri götürməyən, inkişafımıza paxıllıq hissi ilə baxan  insanlar bu gün belə bir sənədin ortaya gəlməsinə səbəb olurlar. Mən belə hesab edirəm ki, bu sənəd bizi bir tərəfdən ayıq salmalıdır və ikinci tərəfdən isə çox da narahat etməli deyil, çünki Azərbaycanın Prezidenti dünya miqyasında ən doğru siyasət yeridən, dünya prezidentləri içərisində seçilən, ideyaları ilə xalqa, insanlara, xüsusilə bu gün dünya üçün vacib olan sülhə, əmin-amanlığa bir qarant kimi tanınan şəxsiyyətdir. Ona görə də mən hesab edirəm ki, bu cür sənədlərin müzakirə edilməsi gərəkdir, ancaq bundan çəkinmək, qorxmaq lazım deyil. Azərbaycanımız dünyanın bu dönəmində yenə də nümunə kimi qalmalıdır, inkişaf etməlidir və biz bu cür sənədlərə qətiyyətlə cavab verməliyik. Mən xüsusi...
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi bu qətnamə haqlı olaraq bizim xalqın hiddətinə səbəb olmuşdur. Seçicilərimiz bizimlə əlaqə saxlayaraq, müraciət edərək bizdən buna onların etirazlarını bildirməyi və layiqli cavab verməyi tələb edirlər. Cənab Sədr, çox sağ olun ki, Siz də bu fövqəladə növbədənkənar sessiyanı keçirməklə bizə bu şəraiti yaratdınız. Avropa İttifaqı çox ciddi böhran keçirir. Bu hər kəsə məlumdur və məndən öncə çıxış edən deputat həmkarlarım da bunu söylədilər. İqtisadi, siyasi, mənəvi və humanitar sahədə böhran keçirən Avropa İttifaqı həm öz əhalisini, həm də müxtəlif siyasi güclərin diqqətini guya yeni ideyalara yönəltməyə çalışır.
Bu gün Avropada neoimperialist və neofaşist ideyalar, habelə islamofobiya, ksenofobiya baş alıb getməkdədir. Dünyanın heç bir yerində görünməyib ki, başqa ölkələrdən,  dövlətlərdən ədalət, insan haqlarına hörmət, demokratiya tələb eləyən bir qurum öz əli və siyasəti  nəticəsində dağılmış Suriyadan, İraqdan, Liviyadan, Şimalı Afrikadan gələn qaçqınları iki yerə bölsün ki, biz xristianları qəbul edirik, müsəlmanları isə qəbul etmirik və evlərini, eşiklərini dağıtdığı insanları çox ağır şəraitdə saxlasın.   Əslində, bu qətnamə diqqəti böhrandan yayındırmaq və Azərbaycan kimi uğurla inkişaf edən qüdrətli, güclü dövlətlərə mənfi təsir göstərmək məqsədi ilə qəbul olunub. Bu qətnamənin qəbul olunmasında onların maraqlarından biri cənab Prezidentin bu yaxınlarda söylədiyi kimi, Azərbaycanı sözəbaxan marionet bir dövlət kimi görmək istəmələridir ki, bunu da heç vaxt görməyəcəklər. Onlar Azərbaycan dövlətinin uğurunu, Azərbaycan Prezidentinin müvəffəqiyyətli siyasətini həzm eləyə bilmirlər. Ümumiyyətlə, Avropa Parlamenti yaranan gündən bu yana Azərbaycan haqqında xoş niyyətli olmayıb. Azərbaycana bir dəfə də olsun xoş münasibətini bildirməyib.
Əslində, bu, bir xristian klubudur, dini, irqi ayrı-seçkilik əsasında yaranmış bir qurumdur və başqa dövlətlərə, millətlərə öz mənfi təsirini göstərmək üçün vaxtaşırı belə qətnamələr qəbul edir. Xatırlayaq, bu ilin aprel ayında onlar guya ki, 1915-ci ildə Türkiyədə ermənilərin qətliamı ilə bağlı xüsusi qətnamə qəbul etdilər. Halbuki belə bir tarixi hadisə olmamışdı. Xocalı qətliamının qanı hələ qurumayıb, amma onu tanımaq istəmirlər. Bu qurumun çox fəal deputat üzvləri tez-tez işğalçı rejimin hökm sürdüyü Dağlıq Qarabağa səfər edirlər, orada qondarma rejimin qondarma rəhbərləri ilə görüşürlər, müəyyən partiyalar ilə müqavilələr bağlayırlar. Əslində, Avropa Parlamentinin özü də müstəqil deyil, bir kukla teatrıdır və bu tamaşanı səhnələşdirən rejissor pərdə arxasındadır. Bizim  gördüyümüz və lənətləndirdiyimiz o deputatlar isə əslində, maska sifətli kuklalardır. Mən hesab edirəm ki, onlarla işləmək, daha da yaxınlaşmaq fikrinin o qədər də əsası və axırı yoxdur. Biz öz sözümüzü qəti deməliyik. Kim bizimlə dostdur, biz onunla dostluq eləməliyik. Kim ki bizimlə dost deyil və düşmənçilik mövqeyini ortaya qoyur, o da özü  bilər. Ona görə mən hesab edirəm ki, bizim bu gün verəcəyimiz cavabda Avronestlə bütün əlaqələrin kəsilməsi öz əksini tapmalıdır. Hökumətə müəyyən tövsiyələrimizi verməliyik ki, Avropa İttifaqı ilə münasibətlərin yeni formatına baxsın. Ən əsası isə odur ki, Azərbaycanda çox güclü ictimai-siyasi sabitlik var, iqtidar, cənab Prezident başda olmaqla hökumət və xalq birliyi var. Cənab Prezidentin atdığı bütün addımları Azərbaycan xalqı dəstəkləyir və cənab Prezident də bu xalqın iradəsini, istəklərini uğurla həyata keçirir. Qalan hamısı it hürər, karvan keçər məsələsidir. Hesab edirəm ki, biz də hər kəsə öz layiq olduğu yeri göstərməliyik, öz qiymətimizi verməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təbii ki, bir neçə il öncə Azərbaycanın siyasi partiyalarının məramnamələri ilə tanış olan şəxslər bir halı müşahidə eləyiblər ki, onların hər birində Avropaya, Avropa İttifaqına, NATO-ya inteqrasiya məsələsi xarici siyasət bölümündə başa çıxarılırdı. Amma son illərdə hətta ən barışmaz müxalif mövqe tutan partiyalar belə bu ifadəni işlətmirlər. Türkiyənin Avropa Birliyinə qəbul edilməməsindən sonra artıq Avropa İttifaqı ilə bağlı hər hansı bir perspektivin olmadığını hər kəs özü üçün artıq müəyyən etdi. Ardınca yeni bir termin ortaya çıxdı. Biz Avropa dəyərlərini mənimsəmək, ölkəmizə gətirmək üçün çalışdıq. Sonradan bu Avropa dəyərlərinin içində elə məsələlər gündəmə gətirildi ki, bunlar Azərbaycanın tarixi, milli, mənəvi, mental dəyərləri ilə üst-üstə düşmədiyinə görə bir sıra dəyərlərin Azərbaycan üçün problemlər yarada biləcəyi nəticəsinə gəldik. Bu gün artıq biz Avropanın ancaq tarixən formalaşan faydalı dəyərlərini mənimsəmək və ölkəmizdə tətbiq eləmək  düşüncəsini daha çox önə çəkirik. Ona görə də bugünkü müzakirə, əslində, Avropa qurumları ilə Azərbaycan arasında yeni çərçivənin müəyyən olunması məsələsinin müzakirəsidir, çünki burada yeni bir vəziyyət yaranıbdır. Artıq son illərdə Avropa İttifaqı birmənalı şəkildə bu mövqeyini ifadə eləməyə çalışır. Postsovet məkanında Ermənistan ilə Azərbaycan arasında hər hansı bir prosesə müdaxilə eləmək imkanı olmadığına görə balansın Ermənistanın xeyrinə dəyişməsi üçün bu cür siyasi qərarlara daha çox üstünlük verilir. Bəzi ölkələr Ermənistana hərbi dəstək verir, Avropa İttifaqı isə bu formada – koordinasiya şəklində siyasi dəstək verməyi üstün tutur. Bu təkcə Azərbaycana yönəlik siyasət deyil.
Burada qeyd olundu, aprel ayında erməni soyqırımı ilə bağlı biabırçı qətnamə –  elmi araşdırması hələ yekunlaş-mamış məsələyə siyasi qiymət verən bir qətnamə qəbul eləmişdilər. Bu onu göstərir ki, biz bu çərçivənin müəyyən olunmasında daha soyuqqanlı olmalı və öz marağımıza uyğun addımlar atmalıyıq. Bəzən biz ölkə Prezidentinin xarici siyasət kursunu dəstəkləyəndə, bunun rasional, ağıllı bir siyasət kursu olduğunu bildirəndə çox vaxt deyirlər ki, hakimiyyəti dəstəkləyirsiniz. Biz bununla hakimiyyəti dəstəkləmirik, biz Azərbaycanın maraqlarını dəstəkləyirik. Biz Azərbaycanın Liviyaya, Suriyaya, İraqa çevrilməməsini dəstəkləyirik. Dövlət qurmaq çox ağır bir prosesdir. Bəzən bu dövləti yaşatmaq üçün  demokratiya maraqlarını, ümu-miyyətlə, bütün maraqları ölkənin təhlükəsizlik maraq-larından sonraya qoymağı bacarmalıyıq. Bu gün, əslində, Azərbaycanın qarşısında bu seçim durur. Ona görə də biz bu seçimi mütləq eləməliyik. Azərbaycan kimi sürpriz qonşuları olan ikinci dövlət yoxdur. Hər bir qonşumuzdan müəyyən sürprizlər gözləyə bilərik. Amma burada incə bir balansı doğru tuta bilmədinsə, bu ölkə Ukraynaya, Gürcüstana çevrilə bilər. Ən azı, ərazi işğalı baxımından daha böyük fəlakətlər yaşana bilər. O baxımdan da Avropa İttifaqının bu bədnam qətnaməsinə qarşı sərt mövqeyimizi ifadə eləməklə yanaşı, biz orada  Azərbaycana yaxın olan insanların mövqeyini müəyyən dərəcədə  gücləndirən addımlar atmalıyıq. Birinci növbədə parlament adından ayrı-ayrılıqda onların hamısına təşəkkür edilməlidir. Bilmirəm, edilib, edilməyib. Hər halda bir təklif olaraq verirəm.
İkinci, bu kimi müzakirələrdə, yaxşı olar ki, partiya modeli üzərinə üstünlük verilsin. Yəni Yeni Azərbaycan Partiyasının 3–5 təmsilçisi danışsın. 10–11 partiya var, partiyaların mövqeyi də orada daha anlayışla qarşılanar ki, partiyalar məsələyə münasibət bildirdilər və hər hansı iradlarını göstərdilər. Həmin qətnamədə diqqət edirsinizsə, üç epizoda xüsusi fikir verirlər. Birinci, məişət zəminində öldürülmüş jurnalistə. Onu öldürənlər həbs olunub cəzalarını çəkəcəklər, məhkəmə müəyyən edəcək. İkincisi, orada cinsi azlıqların hüquqlarının pozulması məsələsini  xüsusi qabardıblar. Üçüncüsü isə Ermənistanla əməkdaşlıq edən QHT təşkilatlarının, ayrı-ayrı şəxslərin işinə mane olunması məsələsini qabardıblar. Yəni əsas mahiyyət o üç məsələ üzərində cəmlənir. Ona görə də siyasi tərəfindən daha çox bunlar hansı hədəfi seçiblərsə, biz diqqətimizi ona artırmalıyıq. Bu baxımdan da Böyük Quruluş Partiyası olaraq bu qətnaməni pisləyirik. Bu məsələdə Azərbaycan dövlətinin maraqlarını qorumaq hamımızın mənəvi borcudur. Diqqətinizə görə sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda belə edək, hər siyahıdan 2 nəfərə söz verək, sonra bitirək. Zahid, sən bir də təkid eləsən, mən sənə söz verməyəcəyəm. İndi sənin vaxtın gəlir. Dözmürsən, yerində otura bilmirsən.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Avropa Parlamentinin qətnaməsinə kifayət qədər yüksək hüquqi-siyasi qiymət verildi. Biz son 20–25 ildə Ermənistan parlamentindən belə qərarları almamışdıq. Ona görə də bu tənqidlərimizi sonsuza qədər davam etdirə bilərik. Mən artıq bu cəhddə bulunmayacağam, amma yalnız onu deyə bilərəm ki, ümumiyyətlə, Azərbaycana qarşı burada qeyd olunduğu kimi, sistemli bir informasiya terroru baş verməkdədir.
Bir müddət öncə ölkə başçısı Fransaya səfər eləyib. Gördüyünüz kimi, orada ən yüksək qərarlara, razılaşmalara gedən dövlət başçılarının səfərindən sonra bu səfərin çevrəsinə yapışdırılmış, ora kleylənmiş  jurnalistlər guya öz mövqelərini ifadə eləməyə çalışırlar. Hörmətli Mehriban xanımın səfərindən sonra da eyni vəziyyət təkrarlanır. Sonra isə saatyarımlıq film çəkirlər.
Bütün bunlar nə deməkdir? Bu o deməkdir ki, Azərbay-canın dostlarının üzərinə yeriyirlər, onları linç eləməyə, Azərbaycanla dostluq münasibətlərindən daşındırmağa və bu vasitə ilə Azərbaycanın maraqlarına zərbə vurmağa çalışırlar. Bu açıq şəkildə o deməkdir ki, biz dünyada əsas informasiya maşınına nəzarət eləyirik və sizin ölkənizin obrazına istədiyimiz zərbələri vura bilərik. Əslində, bu o deməkdir ki, Azərbaycan cəmiyyəti, siyasi elitası Qərb sisteminin üsuli-idarəsinə, iş sistemlərinə uyğun hərəkət eləməyi bacarmalıdır.
Baxın, 20 ildir erməni kimi tanıdığımız bir şəxsin ölkə və dövlət əleyhinə fəaliyyətinə, nəhayət, son qoyuldu və o cəzalandırıldı. Söhbət Leyla Yunusdan gedir. Avropa dairələri deyirlər ki, biz onu fəxri legion ordeni ilə mükafatlandırmışıq və sizin ixtiyarınız yoxdur. İndi siz təsəvvür edin ki, ordumuz Qubadlını və ya Zəngilanı azad eləyərsə, biz hansı sanksiyalar və bəyanatlarla qarşılaşarıq. İndi təsəvvür edin ki, biz Quqasyanı, Saakyanı, Naira Melkumyanı və başqa erməniləri cəzalandırsaq, Azərbay-cana qarşı hansı münasibətlər olacaq.
Mən bunu ona görə xatırlatmıram ki, biz narahat olaq və geri  çəkilək. Sadəcə, müasir dünyanın mənzərəsini göz önünə gətirmək üçün bunları söylədim. Qərb deyir ki, bolşeviklərin əlində bolşevizmi ixrac eləmək nə idisə, bizim üçün də demokratiyanı ixrac eləmək odur. Biz Qərblə yaxşı iqtisadi müttəfiq ola bilirik, mədəni əlaqələrimiz yaxşıdır və sair. Amma siyasi məsələlərdə onların ixrac eləmək istədiyi model Azərbaycanın maraqlarına zidd olanda biz dirəniş göstəririk və onlar da buna qarşıdırlar.
Mən nə təklif eləmək istəyirəm? Heç şübhəsiz ki, biz ötən dövr ərzində çoxqütblü dünya quruculuğuna yönəlik ayrı-ayrı ölkələrin cəhdlərinin şahidiyik. Rusiya öz maraqlarını qorumaq üçün bunu beynəlxalq məkanın mühüm bir informasiya kanalına çıxarır. “Russia Today” adlanır. O, Qərbi və Şərqi Avropada yayımlanır. Mən iddia eləmirəm ki, o, CNN və BBC qədər güclüdür. Amma Azərbaycanın da beynəlxalq məkanda öz maraqlarını fəal müdafiə edən ingilis dilli xüsusi bir kanalı olmalıdır.
Hakim partiya çox uğurla Asiya qitəsinin təşkilatları ilə əməkdaşlıq edir. Bu çox gözəldir. Mən çox arzu edirəm ki, Qərb partiyaları ilə də bu cür fəal əməkdaşlıq edilsin, çünki o təşkilatlar vahid dövlət xəttində dayanmırlar, onların müxtəlif maraqları var. Baxın, Fransadan Almaniyaya qədər  bu gün Rusiya ilə müxtəlif ittifaqlarda olan siyasi təşkilatlar var. Elə bu gün Türkiyənin xarici işlər naziri bəyan elədi ki, PKK-nı Qərb maliyyələşdirir. Bu nə deməkdir? Azərbaycan əleyhinə içərimizdə xüsusi bir PKK və hərbi xuntası yoxdur, bunu ayrı-ayrı qüvvələrin əli ilə beynəlxalq siyasi məkandan edirlər. Bu o deməkdir ki, gələcək dövrdə maliyyələşmələr davam edəcək. Azərbaycan dövlətinin xaricdə xərclədiyi pulların əleyhinə gedirlər, amma Amerika Birləşmiş Ştatları hər il öz maraqlarının müdafiəsi üçün 5 milyard dollar vəsait xərcləyir.
Mən düşünürəm ki, biz bütün bunların fonunda seçki proseslərini yaşamaqdayıq. Qərb açıq şəkildə deyir ki, parlamentdə mənim maraqlarımı müdafiə edən insanlar olmalıdır, parlament mənim maraqlarım üzrə bölünməlidir və sair. Ona görə də mən bu seçki kampaniyasına qatılacaq hər kəsə uğurlar arzulayıram.
Sədrlik edən. Sağ olun. Bir az mətləbdən uzaqlaşırıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən dedim axı, tələsməyin. Bir-bir. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Hörmətli Sədr, mən təkrar eləməyəcəyəm, çünki kifayət qədər fikirlər səslənib və müsahibəmdə də bu məsələyə münasibətimi bildirmişəm. Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə riyakarlıqdan başqa bir şey deyil. Çox maraqlıdır ki, elə Martin Şultsun başçılığı altında Ulrike Lunaçek, Mariya Saake, Katti Piri, Anna Qomeş kimi adamlar ALDE qrupunda bu cür qətnamələrin hazırlanmasında maraqlıdırlar. Doğrudan da, zaman göstərir ki, bu adamlar daha çox ermənipərəst qüvvələrin əlində bir siyasi alətə, oyuncağa çevrilir.
Mən hüquq müdafiəçisi olduğum üçün istəyirəm, qətna-mənin bəzi bəndlərinə münasibətimi bildirim. Birinci, qətnamənin preambula hissəsində qeyd olunur ki, hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus məhz insan haqları müdafiəsi sahəsində fəaliyyətləri ilə bağlı həbs ediliblər. Bu belə deyil. Ölkədə kifayət qədər hüquq müdafiəçiləri var və çox sərbəst də fəaliyyət göstərirlər. Mən bir məsələni – Leyla Yunusun yaşadığı ərazinin, ofisinin dövlət planına düşməsi və sökülməsi ilə bağlı başına bir qrup insan yığaraq çıxardığı səs-küyü və sairəni yada salmaq istəyirəm. Leyla Yunusun gənc polisin papağını alıb yerə atmasını xatırlayıram. Sanki bu adama tutulmaq, təzyiqlər altında qalmaq lazım idi ki, gələcəkdə hansısa bir ölkədə sığınacaq tapsın.
Başqa bir məqamı da istəyirəm, deyim. Rasim Əliyev, Allah rəhmət eləsin, jurnalist deyildi, deyəsən, operator idi. Burada “f” bəndində göstərilir ki, o, siyasi fikirlərinə görə qətlə yetirilib. Amma hamımız bilirik ki, bu, sadəcə, məişət zəminində baş verən bir hadisədir və bu iş cənab Prezidentin nəzarətindədir. Artıq səhv etmirəmsə, 6 nəfər həbs olunub. Bunun siyasiləşdirilməsi Avropa Parlamentinə nəyə lazımdır? Təbii ki, bu sualların cavabını bilirik.
Başqa bir bənddə göstərilir ki, Leyla Yunus və Rəsul Cəfərov həbs olunmamışdan əvvəl ölkədəki siyasi məh-busların siyahısını hazırlayan tanınmış hüquq müdafiəçiləri və ekspertlərdən ibarət qrupa rəhbərlik edirdilər. Kökündən yanlışdır. Onlar ekspert qrupuna rəhbərlik etməyiblər. Həm Rəsul Cəfərov, həm də Leyla Yunus fərdi qaydada siyahılar hazırlamaqla məşğul idilər. Avropa Şurasında AŞPA-nın sədri ilə görüş zamanı qarşımıza 108 nəfərlik siyahı qoydular. Biz bir saat ərzində ona izah etdik ki, 108 adamın təxminən 80–90 nəfəri ölkənin ictimai-siyasi proseslərinə aid olmayan adamlardır və onların çoxunu tanımırıq. Həm Rəsul Cəfərovun, həm də Leyla Yunusun fərdi siyahıları idi. Onlar heç bir qrupun adından çıxış etmirdilər.
Başqa bir məsələ. Venesiya komissiyasının rəyində göstərilir ki, QHT-nin fəaliyyətinə dair qanuna edilmiş son dəyişikliklər qeyri-hökumət təşkilatlarının fəaliyyətini daha da məhdudlaşdırmağa hesablanıb. Hörmətli həmkarlarım, o qanuna edilən əlavə və dəyişikliklərin müəllifi mənəm. 20 gün bundan öncə Əli müəllimin rəhbərliyi ilə ATƏT-in Seçkiləri qiymətləndirmə müşahidə missiyası ilə görüşümüz oldu. Mən izah etdim ki, biz bunu niyə etdik. Biz şəffaflığın və aşkarlığın tərəfdarıyıq və hesabatlılıq istəyirik.
Bu günlərdə mənə və digər qeyri-hökumət təşkilatlarına vergi orqanlarından zəng olub və səyyar yoxlama aparılacağını bildiriblər. İndi mən bəyanat verim ki, bu bizə qarşı total bir hücumdur? Bu, qanundur və araşdırılmalıdır. Sabah sənədləri vergi orqanlarına təqdim edəcəyik. Nəyə görə bəziləri bu aşkarlıqdan qaçırlar və bunu siyasiləş-dirməyə çalışırlar?
Qətnamənin 3-cü bəndində göstərilir ki, vətəndaş cəmiy-yətinə misli görülməmiş repressiyalar davam edir. Bu, absurddur. Belə bir şey var? Minə yaxın qeyri-hökumət təşkilatı var və cənab Prezident tərəfindən də QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb, onlara yardımlar göstərilir.
Digər məsələ Rasim Əliyevin işinin müstəqil məhkəmə qarşısına çıxarılması ilə bağlıdır. Müstəqil məhkəmə deyəndə onlar nəyi nəzərdə tuturlar? Bu, başa düşülən deyil. Deyirlər ki, guya Azərbaycan hakimiyyəti məhbuslara lazımi tibbi yardım göstərmir. Mən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə ictimai nəzarəti həyata keçirən qurumun rəhbəri kimi qeyd edirəm ki, bu gün Azərbaycan məhbuslarına edilən tibbi yardım heç azadlıqda olanlara göstərilmir. Bu, başdan-ayağa absurd bir qətnamədir.
Sədrlik edən. Sağ olun, Səttar Möhbalıyev.
S.Möhbalıyev. Təşəkkür edirəm, cənab Sədr! Mən də çıxışlara qoşuluram və Avropa Parlamentinin qəbul etdiyi bu sənədi kağız parçası hesab edirəm. Bu sənəd qərəzli hazırlanmışdır.
İkinci, Avropa Parlamenti bir növ xristian klubudur. Orada müsəlman ölkələrini görmək istəmirlər, biz bunu bilməliyik. On il bundan qabaq, rəhmətlik Süleyman Dəmirəlin dövründə orada bir toplantı keçirildi. Türkiyənin Gömrük İttifaqına qəbulu məsələsi var idi. O dövrdə Türkiyənin qarşısına xeyli maneələr qoydular və güc-bəla ilə onu ora qəbul etdilər.
Avropa ölkələri istəyirlər ki, müsəlman ölkələri inkişaf etməsin. Onlar bu ölkələrdə əmin-amanlıq, sabitlik istəmirlər. Biz bunu bilməliyik. İraqda nə yaratdılar? Dövlət var idi, sabitlik idi, insanlar işlə təmin olunmuşdu, ailələrini dolandırırdı. Nə etdilər? Hələ Əfqanıstanı demirəm. Oradan Liviyaya keçdilər. Liviyada iqtisadi vəziyyət normal idi, insanlar yaxşı əmək haqqı alırdılar. Onları da bədbəxt elədilər. O cümlədən Suriyada da bu vəziyyəti yaratdılar.
Ölkə Prezidenti bu yaxınlarda onların maskasını açdı. 2016-cı il dövlət büdcəsinin müzakirəsində Prezident dedi ki, istəyirdilər, “Ərəb baharı”nı Azərbaycanda tətbiq etsinlər. Deyirdilər ki, bu, qaçılmazdır. Ancaq onların arzuları gözündə qaldı, Azərbaycan xalqı Prezidentin ətrafında sıx birləşdi. Onlar QHT-lər, digər siyasi partiyalar, sapı özümüzdən olan baltalar vasitəsi ilə Azərbaycanda qeyri-sabitlik yaratmağa çalışırdılar. Əfsuslar olsun ki, bu dövlətlər müsəlman ölkələrinin inkişaf etməsini istəmirlər.
Digər tərəfdən, Avropa ölkələrində təbii artım sıfıra bərabərdir. Müsəlman ölkələrində isə əhalinin sayı sürətlə artır. İnsanların sayının artmasının qarşısını almaq üçün vətəndaş müharibəsi yaradıb, əhalini bir-birinə qırdırırlar. Buna nail olublar, nefti də əllərinə keçiriblər. Sonra mən bütün QHT-lərə, ictimai birliklərə, siyasi partiyalara üzümü tuturam. Hər evdə televiziya var, hər bir Azərbaycan vətəndaşı buna baxır. Miqrantların başına gətirilən oyunları görürsünüz. Ev-eşiklərindən məhrum olub, uşaqlarını qol-tuqlarına vurub, güllə-barandan qaçırlar, özlərinə sığınacaq axtarırlar. Prezident qeyd elədi, bunu Azərbaycanda da eləmək istəyirlər. Hər bir Azərbaycan vətəndaşına üzümü tutub deyirəm ki, ölkə Prezidentinin ətrafında birləşməli və bu yolla getməliyik. Mən yenə deyirəm, onların qəbul etdiyi sənədi saymırıq, Azərbaycan dövlətinin özünün Konstitusiyası, qanunları var. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İsa Həbibbəyli.
İ.Həbibbəyli. Avropa Parlamentinin Azərbaycana dair qətnaməsinin təcili müzakirə olunan məsələlər sırasına çıxarılması onun qərəzli və sifarişli olduğunu aydın şəkildə nümayiş elətdirir. Eyni zamanda, proseslərin təhlili göstərir ki, Avropa Parlamentində bu məsələyə etirazını bildirən, qətnaməni bütövlükdə qəbul eləməyən Avropa Xalq Partiyasına, Milliyyətlər və Azadlıq Avropası qrupuna qətiyyən məhəl qoyulmamışdır. Bu onu göstərir ki, Avropa Parlamenti üçün demokratik dəyərlər, demokratik prinsiplər heç də əsas dəyərlər, prinsiplər deyildir. Onlar üçün demokratiya zahiri göstəricidir, sifariş, məkr, təzyiq onlar üçün daha əsas məsələlərdir.
Artıq çoxdan Avropada belə bir fikir səslənir ki, Avropa Parlamenti Avropa xalqlarının və dövlətlərinin hamısının mənafeyini ifadə eləyə bilmir. Artıq Avropada da hər kəs görür ki, Avropa Parlamenti bir-iki dövləti lider dövlət, onların rəhbərlərini də Avropanın liderləri sırasına çıxarmaq, qalan dövlətləri də asılı dövlətlər səviyyəsinə endirməklə məşğuldur. Avropadakı asılı dövlətlərdə iqtisadi böhrandan tutmuş hakimiyyət böhranına qədər olan vəziyyət gözümüzün qarşısındadır. İndi Avropa Parlamenti, ona yaxın olan qurumlar bu cür asılı münasibəti Şərq tərəfdaşlığı çərçivəsində digər dövlətlərə də tətbiq eləmək istəyirlər.
Məncə, sentyabrın 10-da Avropa Parlamentinin Azərbaycana qarşı qəbul elədiyi qətnamənin məntiqində Azərbaycanı da asılı dövlətlər sırasına salmaq kimi çirkin bir niyyət durur. Azərbaycan isə müstəqil dövlətdir və öz müstəqilliyini dünyanın gözü qarşısında dünya ilə əməkdaşlıq eləyərək sülhsevər bir ölkə kimi möhkəmləndirməkdə davam edir. Azərbaycandakı iqtidar–xalq münasibətləri dünya və Qərbin özü üçün də örnək ola bilər. Azərbaycan xalqı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini ürəkdən bəyənir və dəstəkləyir.
Bizə Avropa Parlamenti, Avronest kimi təşkilatların sırı-dığı onların formatında olan Şərq tərəfdaşlığı qətiyyən lazım deyildir. Şərq tərəfdaşlığının mahiyyətinə və strategiyasına yenidən baxılmalıdır. Avronestdən isə çıxmaqla, ondan imtina eləməklə başqa dövlətləri də ürəkləndirə bilərik, çünki onun fəaliyyətindən, ümumiyyətlə, razı qalan ölkələr çox azdır. Azərbaycan birinci addımı atarsa, inanıram ki, digər dövlətlər də Avronestdən imtina edəcəklər. Avronestə heç Avropanın da ehtiyacı yoxdur. O ancaq şantaj və təbliğatla məşğul olan bir qurumdur. Avropa Parlamentinin ayın 10-da qəbul elədiyi qətnamə Azərbaycan reallıqlarını qətiyyən ifadə etmir. Azərbaycan xalqı Azərbaycan Prezidentinin ətrafında sıx birləşib və Azərbaycan dövləti irəliyə doğru inkişaf edir. Mən bu gün qəbul ediləcək qətnaməni müdafiə edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı, buyurun.
F.Ağamalı. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkarlar! Məndən öncə deyilən fikirlərlə həmrəyəm, o arqumentlərlə tamamilə razıyam. Avropa Parlamenti hər zaman Ermənistanın yanında olub, onu birmənalı şəkildə müdafiə edib, Azərbaycana qarşı isə iftiralarını, qərəzli mü-nasibətini heç zaman dayandırmayıb, bu gün də dayan-dırmır. Gələcəkdə də onun antiazərbaycan kampaniyasını dayandıracağına inanmıram, çünki mayası bu cür yoğrulub.
Bir tarixi faktı diqqətinizə çatdırmaq istəyirəm. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatizmi tüğyan eləyəndə Avropa Parlamenti payız sessiyasında Ermənistan SSR-də vəziyyət haqqında məsələni müzakirə edərək qətnamə qəbul etdi. Həmin qətnamədə ermənilər birmənalı şəkildə müdafiə olunur, 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı qərarın əsassız olduğu önə çəkilirdi. Eyni zamanda, SSRİ Ali Sovetinə təklif olunurdu ki, Dağlıq Qarabağ Azərbaycanın idarəçiliyindən çıxarılsın, Moskvanın, Kremlin idarəçiliyinə verilsin. Bu, Avropa Par-lamentinin 1988-ci ildə qəbul etmiş olduğu qətnamədir. Ondan sonrakı illərdə də biz Avropa Parlamentinin erməniləri bu cür müdafiə etməsinin şahidi olmuşuq. Əgər onlar ermənilərin yanındadırlarsa, deməli, bizim əleyhimizə olmalıdırlar. Onlar ermənilərin yanında olduqlarına görə bu gün məhz Avropa Parlamentindədirlər.
Azərbaycan Ermənistana qarşı informasiya müharibəsini uddu və udmaqda davam etdi. Azərbaycan ölkə Prezi-dentinin müəyyən etmiş olduğu hücum diplomatiyası ilə onu çox ağır vəziyyətə saldı. Necə deyərlər, artıq Ermənistan diplomatiyası küncə sıxışdırılıb. Azərbaycanın iqtisadiyyatı, hərbi gücü Ermənistandan qat-qat yüksəkdir. Deməli, Ermənistan lobbisi artıq Azərbaycana qarşı ideoloji mübarizəni beynəlxalq təşkilatlar səviyyəsinə qaldırıb və o səviyyədə antiazərbaycan təbliğatı davam etdirilir. Bunun bir ucu ABŞ-da Con Kerrinin ofisindədir. Başqa bir mərkəz isə Avropa Parlamentindədir.
Beləliklə, bu gün Azərbaycana qarşı bu cür kampaniya davam edir və mən onun perspektivini görmürəm, çünki Azərbaycan xalqı 20 yanvardan keçərək öz müstəqilliyini qazanıb. Vacib olan budur ki, Azərbaycan özünün yolunu müəyyənləşdirib. Bu, ulu öndərin müəyyən etmiş olduğu yoldur, siyasi xətdir.
Biz bu gün “Avropa dəyərləri” deyilən çürük dəyərlərin dalınca getməli deyilik. Azərbaycanın milli dəyərlərinə, bəşəriyyətin bizə təqdim etmiş olduğu üstün keyfiyyətlərə söykənərək yolumuza davam etməliyik. Bu, dövlətçilik yoludur, bu, tolerantlıq yoludur. Bu, bütün etnosların dostluq və qardaşlıq səviyyəsində yaşadığı bir ölkənin bu gün dünyaya təqdim etmiş olduğu yeni bir Azərbaycan modelidir. Bu modelin kökündə isə ölkə Prezidenti ilə Azərbaycan xalqının sıx birliyi dayanır. Biz çalışmalıyıq ki, bu birliyə yönəlmiş hər hansı bir siyasətə qarşı öz iradəmizi ortalığa qoyaq, xalq, cəmiyyət olaraq dünyaya öz milli maraqlarımızın qorunması baxımından iradımızı nümayiş etdirək. Bu yolda, düşünürəm ki, Azərbaycan xalqı ilə Azərbaycan dövləti, Azərbaycan xalqı ilə Azərbaycan Prezidenti hər zaman bir yerdə olacaq. Bu gün parlamentdə, siyasi fəaliyyətdə olanlar da məhz Azərbaycan xalqının maraqlarına söykənərək Prezidentlə xalqın vəhdətinin güclənməsinə öz töhfəsini verməlidirlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Elman Məmmədov.
E.Məmmədov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputatlar, mən istəyirəm, bir tarixi yadınıza salam. 1991-ci ildə Azərbaycanın siyasi aləmində adı çox yaxşı tanınan Baronessa Koks tez-tez Dağlıq Qarabağa gəlib-gedirdi, ermənilərin bacılığı idi. Növbəti səfərində Xocalı üç tərəfdən ermənilər tərəfindən raket atəşinə tutulmuşdu. Mən həmin Baronessa Koksu apardım, gecə yanan evləri, yaralanan insanları ona göstərdim. O bir xeyli fikirləşəndən sonra, hörmətli Oqtay müəllim, görün nə dedi: “Mən fikirləşirəm ki, görün siz yazıq ermənilərin  başına nə oyun açırsınızsa, onlar məcbur olub sizə raket atırlar”.
Bugünkü Avropa Parlamentinin əməlləri də həmin məntiqə söykənir.  Bu gün Avropa Parlamenti, həmin baronessa kokslar, onun qohum-əqrəbası, ətrafındakılar deyirlər ki, Azərbaycan niyə gündə Dağlıq Qarabağa, Ermənistana qarşı atəş açır, filan edir. Halbuki Azərbaycan atəşə tutulur, ölənlər, yaralananlar, evləri dağılanlar Azərbaycan tərəfdədir. Ermənistan ordusu bu gün Azərbaycan ərazisindədir. Bu deyilmir, ancaq Azərbaycanın silahlanması, öz torpaqlarını işğaldan  azad etmək üçün tədbirlər görməsi onların gözlərinə girir.
Hörmətli Fəzail müəllim çıxışında çox vacib məsələlərə toxundu. Həmin Avropa Parlamenti Avropa İttifaqının, yəni xristian klubunun şillə vuranı olaraq vaxtaşırı – 1988-ci ildə Sumqayıt hadisələri, 1990-cı ildə yanvar hadisələri zamanı Moskvanın vasitəsi ilə Ermənistanın müdafiəsinə qalxıb. Bu gün də həmin proses davam edir.
Bir il ərzində, yəni təkcə 2015-ci ildə bunlar neçə qətnamə qəbul ediblər? Bunlar bizdən, Azərbaycandan nə istəyirlər? Bunların Azərbaycandan istədikləri bir şey var. Daxili stabilliyə malik, inkişaf etmiş, güclü Azərbaycan görmək istəmirlər, arzu etmirlər. Bunlar Azərbaycanı Suriya, İraq, Misir, Liviya kimi görmək istəyirlər. Adını çəkdiyim ölkələrin başına müsibətləri həmin Avropa parlamentləri, avropalılar gətiribdir. Bu gün Avropaya axın edən qaçqın köçü var ki, onları yurd-yuvalarından didərgin salan Avropanın bu siyasətidir. Bu gün Azərbaycanda olan tolerantlığı, müxtəlif  dinlərin, mədəniyyətlərin bir yerdə yaşamasını bunlar qəbul etmirlər. Bu gün onların qəbul etdikləri Avropada yandırılan məscidlər, “Qurani-Kərim”lərdir, Avropada çəkilən Peyğəmbər karikaturaları-dır. Bu gün onların həyat tərzi budur.
Biz “Avropa dəyərləri” deyirik. Biz hansı Avropa dəyərlərindən danışaq? Bəşəriyyətə iki dünya müharibəsi bəxş etmiş Avropa dəyərindən, yoxsa böyük Allahın iradəsinə zidd olaraq eynicinsli insanları bir-biri ilə evlən-dirən Avropa dəyərlərindən? Bəlkə bütün dünyada özünün işğalçılıq siyasəti ilə məşhur olan, dünya ölkələrində soyqırımlar törətmiş Avropa dəyərlərindən danışaq? Yəni bu dəyərlərə yanaşanda da biz bilməliyik ki, hara gedirik və nə cür gedirik.
Avropa Şurasına qəbul olan dönəmdə bizə maneələr yaradılırdı. Onda ulu öndərimiz demişdi ki, Çin, Hindistan, Yaponiya və digərləri Avropa İttifaqının, Avropa Şurasının üzvü deyillər, bunlar yaşaya bilmirlər? Yəni biz bu seçimdə diqqətli olmalıyıq, bizə dost əlini uzadana dost əlimizi uzatmalıyıq. Onlar bizə düşmən mövqedədirlər, torpaqlarımızı işğal edəni müdafiə edirlər, onun yanında dururlar, bizim yanımızda durmurlar. Biz də seçimimizi düzgün etməli, Prezidentimizin apardığı siyasəti müdafiə etməyi bacarmalıyıq. Bizim gücümüz birlikdədir. Bir olmalıyıq, dövlətimiz, ordumuz güclü olmalıdır, sözümüzü deməliyik. Çox sağ olun.
Sədrlik edən. Yevda Abramov buyursun. 
Y.Abramov. Təşəkkür edirəm, Oqtay müəllim. Birinci növbədə onu qeyd edim ki, bu gün dünya yəhudilərinin böyük bayram günüdür, Yeni ildir. Cənab Prezident Azərbaycanda yaşayan yəhudiləri xüsusi olaraq təbrik edib. Oqtay müəllim, təbrikə görə bu salona Azərbaycanda yaşayan çoxminli yəhudilərin minnətdarlığını gətirmişəm.
İkinci, biz bu gün çox mühüm, aktual bir məsələnin müzakirəsinə yığışmışıq. Ayın 10-da Avropa kilsələrinin “Vazgenlər Şurası”nın qərarı oldu. Mən bu qərarı kağız parçası hesab edirəm. Ümumiyyətlə, bizim dədələrimizin, babalarımızın Avropa İttifaqına, Avropa Şurasına bir borcu yoxdur, bir müqaviləmiz, öhdəliyimiz də yoxdur. Amma dünyadır, biz təcrid oluna bilmərik.
Oqtay müəllim, mən o ənənəvi standartlardan uzaq olmaq istəyirəm, öz görüşlərimdən bir sıra misallar gətirəcəyəm. Birinci növbədə, günah özümüzdədir, bunların nazı ilə həddindən çox oynayırıq. Mən bunu əvvəllər də demişəm. İkinci növbədə, əksəriyyət çalışırıq ki, mikrofonda qəhrəman olaq, burada çox danışaq. Bunun da səbəbləri var. Yuxarıda əyləşənlər danışmayanları lal adlandırır. Oqtay müəllim, xaricdə danışmaq, düşməni öz evində boğmaq lazımdır. Hər birimiz orada pafosla, faktla danışmalıyıq.
Mən burada oturan bəzi deputatlarla bir sıra ölkələrdə olmuşam. Bunu Siz də bilirsiniz, burada oturan deputatlar da. Bizim haqqımızda təsəvvürü olmayan insanlar danışırlar. İnanın, xəritədə Azərbaycanı göstərə bilmirlər. Mən partiyanın sonuncu qurultayında demişdim ki, Allah Sizi qorusun, cənab Prezident, çünki hədsiz şəkildə Sizin paxıllığınızı çəkirlər. Bəli, bu məsələnin arxasında duran birinci məsələ cənab Prezidentimizin qazandığı uğurlardır. Bunların ən bərk gedən deputatı mənə danışdı ki, biz 2003-cü ildə yığışıb cənab İlham Əliyevə şans verdik ki,  Prezident olsun. Analitiklərimiz demişdilər ki, o, minimum 5 ay, maksimum 11 ay Azərbaycanı idarə edə bilər. Amma biz bədbəxtlər bilmədik ki, cənab Prezident bu qədər müddət ölkəni idarə edəcək, özü də dünyada analoqu olmayan bir dövlət quracaq.
Mən bir yeniliyi də bu salona gətirmək istəyirəm. Bizim milli satqınlarımız və bu qərarı alqışlayan, heç də ermənilərdən artıq olmayan milli qeyrətsizlərimiz indi iş verirlər. Bunlar işverənlərdir. Oqtay müəllim, Avropanın bir sıra deputatları bilirsiniz indi nədən qorxurlar? Bizim  tələbə Heydər Əliyevin nailiyyətlərini izləyirlər, onun şeirlərini oxuyurlar və qorxurlar. Qorxurlar ki, 20 ildən sonra Azərbaycan siyasi həyatına çox gənc, cavan bir lider daxil olacaq. Bundan da qorxurlar.
Mən onda deputat deyildim, Quba Rayon İcra Hakimiy-yətinin başçısının otağında sonradan Azərbaycanda həm-məruzəçi olan 2 nəfərlə görüşdüm. Onlara dedim ki, analarınızdan soruşun ki, atanız kimdir? Sizə cavab verilməsə, doğulduğunuz ildən 1 ili çıxın və baxın ki, o il analarınız turist kimi Ermənistanda olubmu?
Deputatlar bilirlər, mən dünən sözümü dedim. Bunlarda siyasi idiotizm xəstəliyi var. Bunlar debildirlər. Bunlarda  ksenofobiya xəstəliyi var, onlar türkləri sevmirlər. Azərbaycana qarşı onlarda pis münasibət var. Çox təəssüf olsun ki, bir sıra yəhudi də bu kampaniyaya qoşulub. Mən onlara müraciət edirəm. Unutmasınlar ki, biz Avropada 6 milyon yəhudini avropalıların əli ilə itirdik. Hər iki dünya müharibəsinin müəllifi Avropa oldu. 70 milyon insan qırıldı. Oqtay müəllim, bizim Avropadan götürəcəyimiz heç bir şey yoxdur. Çox şey deyə bilərdim, amma vaxt azdır. Mən də bu qətnaməni qəbul edəcəyəm. Mənə elə gəlir ki, bundan sonra biz öz münasibətlərimizi götür-qoy etməliyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. İndi icazə verək, qətnaməni redaksiya komissiyası təqdim etsin. Valeh müəllim, Siz oxuyacaqsınız?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
V.Ələsgərov. Çox sağ olun, Oqtay müəllim. İcazə versəniz, mən də bu qətnaməni oxumamışdan öncə, bir-iki kəlmə söz deyərdim, çünki çıxışlardakı bəzi məqamlara mütləq toxunmalıyam.  Bildiyiniz kimi, mən 10 ildir, Av-ropa Parlamenti – Azərbaycan Milli Məclisi Parlament Əməkdaşlıq Komitəsinin həmsədriyəm. 2004-cü ildə statusu, yurisdiksiyası bilinməyən bir komitə yaradılmışdı. 2006-cı ildə bu komitə artıq fəaliyyətini dayandırmışdı. Biz çalışdıq ki, bunun fəaliyyətini bərpa edək, Avropa Parlamentində Azərbaycanı təmsil edək və orada məhdudiyyət qoymadan səmimi müzakirələr aparaq.
2009-cu ildən, yeni parlament seçiləndən sonra vəziyyət tam dəyişdi. Əgər ondan qabaqkı iclasda,  nəhayət ki, Dağlıq Qarabağın Azərbaycana məxsus olduğu, Azərbaycanın ərazi bütövlüyü, işğal məsələləri öz əksini tapmışdısa, vəziyyət o yerə çatdı ki, 2009-cu ildəkində Qarabağa aid yalnız dostluq, sülh, getmək-gəlmək, yemək-içmək – ondan başqa bir kəlmə söz yox idi. İki səhifə insan haqlarına, iki kəlmə Dağlıq Qarabağ icmaları arasında görüşlərə həsr olunmuşdu. Biz, əlbəttə ki, sözümüzü dedik. Qeyd etdik ki, əgər Dağlıq Qarabağda işğal olunmuş ərazilərin işğalı, Azərbaycanın ərazi bütövlüyü tanınmasa  bu görüşlərin əhəmiyyəti yoxdur. Fuad Muradov, Çingiz Əsədullayev burada, kağız mənim kabinetimdə. Madam Lunaçek katiblikdən gələn kompromis təklif etdi. İcmalar arasında görüşlər, Dağlıq Qarabağ və Azərbaycanın 7 rayonu. Bu nə deməkdir?
İndi burada eşidirəm, deyirlər ki, biz onlarla işləməliyik, onları başa salmalıyıq. Əmin olun ki, biz Qarabağ məsə-ləsində güzəştə getməyincə təzyiqlər davam edəcək. Bun-ların maraqlı olduqları məsələlərdə biz güzəştə getməyincə heç bir şey dəyişməyəcəkdir. Məqsəd budur.
Niyə bu siyasət 2009-cu ildən başlayaraq davam edir? Nəhayət, 2009-cu ildə gördülər ki, Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrəti elə bir səviyyəyə gəlib çıxa bilər ki, sabah onu güzəştə məcbur etmək mümkün olmasın. Səbəb budur. Bu gün də Azərbaycanın rəhbərinin apardığı tarazlı, balanslaşdırılmış siyasət bunlara imkan vermir ki, Azərbaycandan cürbəcür oyunlarda istifadə etsinlər. O cümlədən Rusiya ilə apardığı oyunlarda Azərbaycandan bufer kimi istifadə etmək istəyirlər.
Əli müəllim Allahın şahidi, mən də onun şahidi, Avronest yaranmamış birinci gündən demişik ki, bizdən bufer kimi istifadə edəcəksiniz. Bufer kimi də istifadə edirlər. Gürcüstandan, Ukraynadan necə istifadə edirlər? Elə bilirsiniz, səmimi qəlbdən Ukraynanın gününə ağlayırlar? Krımda, Donbasda, Luqanskda öz maraqlarına nail olandan sonra deyəcəklər ki, barışın. Adını qoyacaqlar dondurulmuş konflikt. Sadəlövh olmayaq, güzəştlərə getməsək, bizimlə bu dildə danışacaqlar. Biz də həmin dildə danışmalıyıq. Kimdən və nədən asılacağımız var? Yaramıza üfürən, bir tikə çörək verənimiz var? Nəyə nail olmuşuqsa, ozümüz olmuşuq. Çox üzr istəyirəm, bir az emosional çıxış etdim.
İndi isə icazə verin, Azərbaycan Respublikası Milli Məclisinin qərarının mətnini oxuyum. Müzakirələrdən sonra yaranmış bir mətndir.
Avropa Parlamentinin Azərbaycana dair 2015-ci il sentyabrın 10-da qəbul etdiyi 2915/2840 (RSP) saylı qətnamə bu parlament təşkilatında ölkəmizə qarşı sistemli və davamlı şəkildə aparılan qərəzli qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərir. Bu dəfə insan hüquqları bəhanəsi altında Azərbaycanda xalq tərəfindən dəstəklənən siyasi hakimiyyətə şər və böhtan atılmış, ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında inkişaf edən tərəfdaşlıq münasibətlərini sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirərək, onu  dünyaya inteqrasiya prosesindən təcrid etməyə uğursuz cəhd göstərilmişdir.
Qeyd edilməlidir ki, Avropa Parlamenti ötən ilin sentyabr ayında yeni tərkibdə fəaliyyətə başladığı gündən bu qurumun rəhbərliyinin mövqeyi  üzündən onunla Azərbaycan arasında heç bir rəsmi dialoq baş tutmamış, qarşılıqlı səfərlər həyata keçirilməmişdir. Nə qədər qəribə olsa da, Avropa Parlamentinin rəhbərliyi tərəfindən deputatların Azərbaycana rəsmi və qeyri-rəsmi səfərlərinə qadağa qoyulmuşdur. Beləliklə, Avropa Parlamentində müəyyən qüvvələr parlamentlərarası dialoqu Azərbaycana qarşı yönələn təhqiramiz monoloqla əvəz etmək üçün ardıcıl addımlar atmışlar.    
Bu da vurğulanmalıdır ki, Avropa Parlamentində Azər-baycana ədalətli münasibət bəsləyən deputatların təmsil etdikləri sağlam qüvvələr də mövcuddur. Təəssüf ki, çox vaxt onların səsi eşidilmir. Azərbaycana qarşı qərəzli qətnamənin müzakirə olunduğu iclas da istisna təşkil etməmiş, korrupsiyaya qurşanmış lobbiçi parlament qrup-laşmaları öz çirkin niyyətlərinə nail ola bilmişlər. Bunun əsas səbəblərindən biri odur ki, Avropa Parlamentinin rəhbərləri, ilk növbədə qurumun Sədri M.Şults  həmin ələbaxan qruplaşmaların fəaliyyətinə göz yumur, bəlkə özləri də bu fəaliyyətdə iştirak edir və bu qruplaşmaları himayə edirlər. 
Avropa Parlamentinin iclası bir çox deputatların tolerantlıq səviyyəsini də üzə çıxarmış, bu qurumda Azərbaycanın dünyəvi dövlət kimi nüfuzuna qısqanclıqla yanaşıldığını nümayiş etdirmişdir. Tamamilə məntiqlidir ki, hazırda Avropa İttifaqı ərazisində davam edən miqrasiya böhranı zamanı irqçilik və ksenofobiya meyillərinin misilsiz həddə çatması İttifaqın öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsinin qarşısını alır. Bundan əlavə, Avropa İttifaqının üzvü olan bəzi ölkələrin yalnız xristian qaçqınlara sığınacaq vermək istəyi Avropa İttifaqı məkanında mövcud olan ifrat sağçı radikal və islamofob siyasi xəttin dəstəklənməsi, nəticə etibarı ilə ayrı-seçkilik sisteminin formalaşması üçün şərait yaradır. Buna bənzər meyillərin Avropa Parlamenti kimi beynəlxalq quruma yol tapması isə yalnız təəssüf doğurur. Belə bir şəraitdə dünyaya tolerantlıq nümunəsi göstərən, mədəniyyətlərarası dialoqun inkişafında qabaqcıl dövlətə çevrilən Azərbaycanın dəstəklənməsi əvəzinə ona qarşı qərəzli qətnamələrin qəbul edilməsi Avropa məkanında irqçiliyin və ksenofobiyanın təqdir olunması, Avropa İttifaqı ilə əməkdaşlığa meyil edən ənənəvi islam dövlətlərinə qarşı təxribat kimi qiymətləndirilməlidir.
Bununla birlikdə, Avropa Parlamenti Şərq tərəfdaşlığı proqramının iştirakçısı olan  digər ölkələrdə insan hüquq-larının pozulması hallarına  göz yumaraq, yalnız özünə məlum olan səbəblərə görə bu cür problemləri məhz Azərbaycanda axtarmaqla məşğul olur. Qeyd etmək yerinə düşər ki, bütün beynəlxalq hüquq normalarını və prinsiplərini pozaraq, Azərbaycan ərazisinin  20 faizini işğal etmiş, 1 milyon azərbaycanlını qaçqına və məcburi köçkünə çevirmiş Ermənistan Respublikasının bölgədə insan hüquqlarının və azadlıqlarının kütləvi pozuntularına səbəb olması məsələsi bu günədək Avropa Parlamentində bir dəfə də müzakirə edilməmişdir. İnsan hüquqlarını ali dəyər kimi elan edən Avropa Parlamenti Dağlıq Qarabağ probleminin insan hüquqları və humanitar aspektlərinə nəzər salmağı nədənsə lazım bilməmişdir. Digər tərəfdən, Avropa Parlamenti öz sənədlərində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad etsə də, bu Məhkəmənin Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərarına etinasızlıq göstərmişdir. 
Heç kəsə sübut etməyə ehtiyac yoxdur ki, Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların təmin olunması üçün xeyli iş görülmüşdür və bu iş indi də davam etməkdədir. Ölkədə peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Avropa Parlamentinin qətnaməsində bir sıra şəxslərin azadlığa buraxılması ilə bağlı irəli sürülən tələblər heç bir hüquqi və siyasi əsasa malik olmayıb, Azərbaycanın müstəqil məhkəmə sisteminə müdaxilə cəhdi kimi qiymətləndirilməlidir.
Avropa Parlamentinin qətnaməsində 2015-ci il noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyalarının göndərilməməsi barədə Avropa İttifaqının Xarici Fəaliyyət İdarəsinə və üzv ölkələrə çağırışlara da yer verilmişdir. Avropa İttifaqının üzvü olan dövlətlərin ərazisində seçicilərin yalnız 42 faizinin səsləri ilə formalaşmış Avropa Parlamentindən bu cür çağırışların edilməsi təəccüb doğurur. Təəssüf ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bu çağırışa cavab verən ilk təşkilat olmuşdur. Məqsəd Azərbaycanda keçiriləcək parlament seçkilərinin legitimliyini qabaqcadan şübhə altına almaqdır.
Hər kəs əmin ola bilər ki, seçkilərin demokratik və şəffaf keçirilməsinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən bütün şərait təmin edilmişdir və lazımi tədbirlər bundan sonra da həyata keçiriləcəkdir. Hər hansı beynəlxalq qurumun seçkiləri müşahidə etməkdən imtina etməsi azad və ədalətli seçkiləri şübhə altına ala bilməz. Azərbaycanda suverenliyin daşıyıcısı Azərbaycan xalqıdır və seçkilərin legitimliyi barədə qərarı da o verəcəkdir. 
Təəssüf ki, Avropa Parlamentinin ölkəmizə münasibəti Avropa İttifaqı ilə Azərbaycan  arasında əməkdaşlığı da ciddi təhlükə altına almışdır. Belə ki, Avropa Parlamentinin indiyədək qəbul etdiyi qərəzli qətnamələr nəticəsində Avropa İttifaqı – Azərbaycan  Assosiasiya Sazişi üzrə danışıqlara son qoyulmuşdur. 
Azərbaycan Respublikasının Milli Məclisi bir daha Avropa Parlamenti üzvlərinin nəzərinə çatdırır ki, Azər-baycan Respublikası demokratiyanın şəksiz üstünlüklərini gerçəkləşdirərək, insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcəkdir,  bu sahədə beynəlxalq təşkilatlar ilə əməkdaşlığın hüquq bərabərliyi, qarşılıqlı hörmət əsasında və konstruktiv məcrada inkişaf etdirilməsi üçün Azərbaycan xalqının və rəhbərliyinin möhkəm siyasi iradəsi  mövcuddur.  
Yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Avropa Parlamentindən tələb edilsin ki, Avropa İttifaqı – Azərbaycan  münasibətlərinə qarşı pozucu fəaliyyətinə son qoysun, Azərbaycana qarşı fəaliyyət üçün qondarma ittihamlara istinad edən müxtəlif qüvvələrin təsiri altında ölkəmiz barəsində qərəzli qətnamələrin qəbulu prakti-kasından əl çəksin.
2. Avropa Parlamenti Azərbaycana münasibətdə kons-truktiv mövqe tutmağa və bu yanaşmanı real addımlarla nümayiş etdirməyə çağırılsın.
3. Avropa Parlamentindəki konstruktiv və sağlam qüv-vələrə müraciət edilsin ki, Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısının alınmasında səylərini artırsınlar.
4. Azərbaycan Respublikası ərazilərinin Ermənistan tə-rəfindən işğalına siyasi dəstək məqsədi ilə Azərbaycanı daim hədəfdə saxlamağa çalışan müxtəlif lobbiçi qruplaşmaların Avropa Parlamentindəki pozucu fəaliyyəti qətiyyətlə pislənilsin və bu fəaliyyətə son qoyulması tələb edilsin.
5. Azərbaycana qarşı lobbiçilik fəaliyyətinin maliyyələş-dirilməsi çərçivəsində yol verilmiş qanun və maliyyə pozuntularının, korrupsiya hallarının, Avropa Parlamenti rəhbərliyinin lobbiçilik fəaliyyəti ilə əlaqələri barədə ittihamların araşdırılmasına çağırılsın.
6. Avropa Parlamentinin müvafiq qurumlarına müraciət edilsin ki, Avropa Parlamentinin sədri M.Şults ilə postsovet dövlətlərinin bəzi rəhbər şəxsləri arasında birgə korrupsiya əməlləri, qanun pozuntuları barədə mətbuatda yayılmış xəbərləri araşdırsın və onun qeyri-qanuni fəaliyyətinə qiymət versinlər. 
7. Avropa Parlamenti Azərbaycanın zəngin tolerantlıq təcrübəsini nəzərə almaqla, Avropada islamofobiya və kse-nofobiya problemlərinin həllinə diqqət yetirməyə çağırıl-sın.
8. Avropa Parlamentindən tələb edilsin ki, konkret cinayət əməllərini siyasiləşdirməklə Azərbaycanın məhkəmə sisteminə təzyiq göstərmək cəhdlərinə son qoysun.
9. Hələ keçirilməmiş parlament seçkilərinin qərəzli çağırışlar ilə  şübhə altına alınması cəhdləri qətiyyətlə pis-lənilsin və bunlara son qoyulması tələb edilsin.
10. Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın.   
11. Avropa Parlamenti – Azərbaycan Milli Məclisi Parlamentlərarası Əməkdaşlıq Komitəsinin mövcud formatda fəaliyyətində iştiraka son qoyulsun.  
12. Azərbaycan Nazirlər Kabinetinə tövsiyə edilsin ki, Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramında iştirakın məqsədəuyğunluğu məsələsinə yenidən baxsın.
13. Azərbaycan Nazirlər Kabinetinə tövsiyə edilsin ki,  Azərbaycan Respublikasının rəsmi şəxsləri barəsində hər hansı sanksiyaların  tətbiq ediləcəyi təqdirdə qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən Avropa Parlamenti üzvlərinin və Avropa İttifaqı  qurumları rəsmilərinin Azərbaycana girişinin qadağan edilməsi məsələsini nəzərdən keçirsin. 
Diqqətinizə görə təşəkkür edirəm. Üzr istəyirəm, bir az emosional çıxdı.  Təklif olunur ki, səsə qoyulsun, qəbul edilsin və Azərbaycan Milli Məclisinin, Azərbaycan millətinin mövqeyi birmənalı şəkildə Avropa Parlamentinin üzvlərinə çatdırılsın. Sağ olun. 
Sədrlik edən. Mən də belə hesab edirəm ki, çox yüksək səviyyədə hazırlanmış bir qətnamədir. Əgər etiraz yoxdursa, gəlin, səsverməyə başlayaq. Xahiş edirəm, qətnamənin təsdiq edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.36 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 112
Nəticə: Qəbul edildi

Çox sağ olun, qətnamə qəbul edildi.
Hörmətli millət vəkilləri, fəaliyyətinizə görə bir daha sizə minnətdarlıq edirəm və qarşıdan gələn parlament seçkilərinə qatılacaq həmkarların hamısına seçkilərdə müvəffəqiyyətlər arzulayıram. Çox sağ olun.
Növbədənkənar sessiyanı bağlı elan edirik.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

 


EDİLMƏMİŞ  ÇIXIŞLARIN
MƏTNLƏRİ

14 sentyabr 2015-ci il
_________________________

Novruzəli Aslanov. Çıxışımın əvvəlində qeyd etmək istəyirəm ki, məndən öncə çıxış edən həmkarlarımın fikirləri ilə həmrəyəm. Dünyada baş verən hadisələr, hesab edirəm ki, Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir, çünki biz dövlət olaraq dünya birliyinin ayrılmaz bir hissəsiyik. Fikir verin, dünyada hökm sürən iqtisadi böhran, Asiya və Yaxın Şərqlə son illərdə baş verən hadisələr, eyni zamanda, inkişaf etmiş bir çox ölkələrdə davam edən xoşagəlməz hallar, irqçilik, dini dözümsüzlük və insanların bu səbəblərdən həyatlarını itirməsi dünya mətbuatının manşetindən düşmür. Xüsusilə son günlərdə çoxsaylı miqrant ordusunun Qərbə üz tutması böyük bir humanitar fəlakətin artıq anonsunu verib. Düşünürəm ki, siyasi, hərbi və iqtisadi böhrana yeni bir böhran da əlavə olundu. Bu da humanitar böhrandır.
Belə halların qarşısını almaq o qədər də asan məsələ deyil. Artıq kütləvi köç başlayıb, qocalar, cavanlar, qadınlar və uşaqlar bu fəlakətin qurbanına çevriliblər. Bu yaxınlarda Suriyadan qaçqın düşən 3 yaşlı Aylanın həyat faciəsini hamı ürək ağrısı ilə izlədi. Bir çoxları, o cümlədən mən də bu cocuğa görə mənəvi sarsıntı keçirdim. Qərb anlayır ki, artıq bu humanitar böhranın qarşısını almaq iqtidarında deyil. Bəzi qərb analitikləri Səddam Hüseyn, Qəddafi kimi diktatorlara, belə demək mümkünsə, bir növ haqq qazandırırlar. Bu böhranın qarşısını almaq üçün artıq bu ölkələrdə yenidən diktatura rejiminin qurulmasının zəruriliyini vurğulayırlar. Qərbin demokratiya adı altında bəzi ölkələrin daxili işlərinə müdaxiləsi böyük bir fəlakətə yol açıb.
Avropanın bəzi dairələri Azərbaycanda gedən uğurlu proseslərə qısqanclıqla yanaşırlar. Əlbəttə, bu bizim üçün bir yenilik deyil, Azərbaycan belə ədalətsiz münasibətlə uzun illərdir qarşılaşır. Şükürlər olsun ki, dövlətin Azərbaycan xalqının iradəsinə söykənən məqsədyönlü siyasəti nəticəsində qara əməllərin qarşısı qətiyyətlə alınır. Fikir verin, Azərbaycanda bütün sahələrdə gedən inkişafa kölgə salan insanlar haqlı olaraq ictimaiyyətin qınaq obyektinə çevrilən kimi və ya qanunazidd hərəkətlər etdiklərinə görə cəza tədbirinə məruz qalan kimi, Qərbin bəzi dairələri aktivləşir, bizə qarşı müxtəlif və həqiqətə uyğun olmayan fikirlər yürüdülür, dünya ictimaiyyətində çaşqınlıq yaratmağa cəhd göstərilir. Bu da baş tutmayanda bizə qarşı ədalətsiz qətnamələr belə qəbul etməkdən çəkinmirlər. Siyasi məhbus, insan hüquqlarının pozulması oyununu ortaya atırlar və güman edirlər ki, bununla da Azərbaycana qarşı müəyyən təsir rıçaqları əldə edib istədiklərinə nail ola bilərlər.
Təbii ki, Azərbaycan xalqının iradəsi və dövlət başçısının düzgün siyasəti bu xoşagəlməz halların qarşısını alır və bundan sonra da qətiyyətlə alacaqdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu günlərdə iqtisadi məsələlərə dair keçirdiyi müşavirədə Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilərdən söhbət açmış, Azərbaycanda sabitliyin pozulmasına göstərilən cəhdlərin, “Maydan hərəkatı”nın, “Ərəb baharı”nın Azərbaycanda da baş verməsinə çalışan bəzi xarici dairələrin əməllərinin qarşısının qətiyyətlə alındığını bir daha vurğulamışdır.
24 ildir, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İnsan hüquqları, beynəlxalq humanitar hüquq normaları kobudcasına pozulub. Bəs hanı ədalət?! Özünü demokratiya carçısı adlandıran nüfuzlu beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələr niyə bu problemə göz yumdular? Niyə Qərbdəki həmin dairələr bu hüquq pozuntusuna, insanların kütləvi köçünə laqeyd yanaşdı, heç bir əməli işlər görülmədi? Niyə BMT-nin məlum 4 qətnaməsi bu günə kimi icra olunmadı? Budur Qərbin demokratiyası? Mən artıq bunu ikili standart yox, üçlü, dördlü və daha çox sayda standart adlandırardım.
Bizə qarşı Qərbin belə ədalətsiz, antiazərbaycan mövqeyi artıq hamıya məlumdur. Hesab edirəm ki, buna qarşı bir Azərbaycan vətəndaşı olaraq qətiyyətli mövqedən çıxış etmək vaxtı çatıb. Bizə qarşı belə ədalətsizliklər artıq Azərbaycan vətəndaşlarının səbr kasasını doldurub.
Görün, iş hansı yerə gəlib çatıb ki, bəzi xarici ölkələr öz parlamentlərində Azərbaycan Respublikasına qarşı müxtəlif qətnamələr qəbul etməkdən belə çəkinmirlər, dövlətimizin daxili işlərinə müdaxiləyə cəhd göstərirlər. Bir sözlə, Azərbaycandakı inkişaf, hətta dünyada iqtisadi böhran vaxtı bizdə əldə olunan uğurlar bunlar üçün bir növ göz dağına çevrilib. Əlbəttə, burada torpaqlarımızı işğal edən Ermənistanı da yaddan çıxarmaq olmaz, onların da bu məsələlərdə rolu az deyil.
İndi də Avropa Parlamentinin bəzi deputatları növbəti antiazərbaycan bəyanatı ilə çıxış edirlər, bizə qarşı həqi-qətləri özündə əks etdirməyən qətnamə qəbul edirlər. Məqsəd isə bəllidir. Ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq.
Yaxşı olardı ki, Avropa Parlamenti Qərbin yürütdüyü neomüstəmləkəçi siyasət nəticəsində yaranmış, dünyanı xaosa sürükləyən problemlərin qarşısını almağa çalışsın. Qərbin həyata keçirdiyi belə siyasət hansı ölkələri böhranlarla üz-üzə qoydu dünya ictimaiyyətinə məlumdur. Həmin ölkələr tamamilə çökdülər, onların idarəetmə sistemi tamamilə məhv oldu, milyonlarla insan ölümdən, aclıqdan, fəlakətdən canlarını qurtarmaq üçün öz ölkələrini tərk etmək məcburiyyətində qaldı, insanlar yollarda, dənizlərdə həyatlarını itirdilər. Belə demokratiya bizə lazım deyil.
Hesab edirəm ki, bu qətnamə Avropa ictimaiyyətinin mövqeyini əks etdirmir. Bu yalnız bizim uğurlarımızı həzm edə bilməyən bir qrup antiazərbaycan dairələrinin qərəzli mövqeyidir. Mən Azərbaycan Parlamentinin üzvü kimi buna təəssüflənirəm. Ölkəmizdə plüralizmin, tolerantlığın, siyasi sabitliyin, mətbuat və insan azadlığının hökm sürdüyü bir dövrdə bizə qarşı belə qərəzli mövqeyin nümayiş etdirilməsi başa düşülən deyil, ən azı ona görə ki, burada heç bir məntiq yoxdur.
Ona görə hesab edirəm ki, Avropa Parlamentinin bu qərəzli qətnaməsinə münasibət bildirilməlidir.
Azər Badamov.  Ölkəmizdə keçirilən hər hansı bir dövlət əhəmiyyətli tədbir ərəfəsində Avropa Parlamentində Azərbaycanla bağlı belə heç bir dəyəri olmayan qətnamələrin qəbulu ənənə halını almışdır. Məqsəd isə ölkəmizin nüfuzuna təsir etmək və öz bəd niyyətlərini ifadə etməkdən ibarətdir.
Son qətnamədən də göründüyü kimi, ölkəmizə qarşı qeyd olunmuş iradlar reallıqdan uzaqdır, həqiqəti əks etdirmir və müəyyən dairələrə xidmət edir. Əslində, dünyada tolerantlığın carçısı olan Azərbaycan söz və internet azadlığına, QHT-lər və siyasi partiyaların sərbəst fəaliyyətinə dövlət dəstəyi ilə yaradılan şəraitə, sərbəst və azad mətbuatın inkişafına görə nəinki Cənubi Qafqazda, hətta dünyada öncül yerdədir. Çox təəssüflər olsun ki, Amerika və Avropada baş verən özbaşınalıqları, mətbuat işçilərinə olan təzyiqləri, islamofobiya və ksenofobiyanı, milli və dini mənsubiyyətinə görə diskriminasiya hallarını hamımız görürük, amma belə halların aradan qaldırılması istiqamətində nəinki qətnamələr qəbul edilmir, heç müzakirələr də aparılmır. Belə qənaətə gəlmək olar ki, Avropa Parlamentində heç bir dəyərə malik olmayan qətnamələr qəbul edənlərin arxasında duran sifarişçilər sanki özlərini dünyanın sahibləri hesab edirlər.
Avropa Parlamenti insan haqlarına dəyər versəydi, öz siyasəti ilə Şimali Afrikada, Yaxın Şərqdə bir çox ölkələri məhvə, Ukraynanı vətəndaş müharibəsinə aparmazdı, Avropanın özündə Yunanıstanı qaçqın vəziyyətinə salmazdı.
Azərbaycanda ölkə qanunlarını pozaraq cinayət məsuliyyətinə cəlb olunmuş bir neçə insanı siyasi məhbus adlandırmaqla guya onların müdafiəsinə canfəşanlıq edən Avropa Parlamenti çox yaxşı olardı ki, erməni vəhşilikləri nəticəsində 20 ildən yuxarı daimi yaşayış yerlərindən didərgin düşmüş 1 milyon soydaşımızın pozulmuş hüquqlarının bərpası istiqamətində hər hansı bir addım atardı. Yaxın Şərq və Afrika ölkələrində Qərbin apardığı siyasət nəticəsində yaranmış münaqişə ocaqlarından öz canını qurtarmaq üçün Avropaya pənah gətirən insanlara qarşı dözülməz münasibət göstərməzdi.
Yaxşı olardı ki, Avropada və Avropadan kənarda hüquq-ları tapdalanan səfalətin içində yaşayan milyonlarla insan haqqında danışardı və bu barədə bir qətnamə qəbul edərdi. Çox təəssüf ki, bu baş vermir. Çünki onların həzm edə bilmədiyi güclü, inkişaf edən və dünyada öz haqqını tələb edərək ədalətli mövqe ortaya qoyan Azərbaycandır. Onların həzm edə bilmədiyi Azərbaycanın iradəli, ölkənin gələcəyini düşünən Prezidentinin olması və xalqla iqtidar arasındakı birlikdir. Onların həzm edə bilmədiyi qarşıdan gələn parlament seçkilərində xalqın sərbəst və demokratik şəraitdə öz seçimini edə bilməsidir. Onların həzm edə bilmədiyi erməni işğalı altındakı torpaqlarımızın azad edilməsi istiqamətində beynəlxalq ictimaiyyət qarşısında tələb qoymağımız və Azərbaycanın öz ərazi bütövlüyünü təmin edə bilməsi iqtidarında olmasıdır. Onların həzm edə bilmədiyi Avropanın belə xəyalına gəlməyən bir müsəlman ölkəsində azad, demokratik, inkişaf edən cəmiyyətin olmasıdır. Əgər Azərbaycan yoxsul, kasıb, səfalətin içində olan və başqalarının dediyi ilə oturub-duran ölkə olsaydı, onlar heç də belə bir qətnaməni səsləndirməzdilər.
Hörmətli həmkarlar! Avropa Parlamentinin ölkəmizə qarşı yönəlmiş bu addımını pisləyirəm və bir millət vəkili olaraq seçicilərimin adından kəskin etirazımı bildirirəm. Həm də Avropa İttifaqı ilə münasibətlərə təzədən baxmağı təklif edirəm.
Sədaqət Vəliyeva. Son bir neçə ay ərzində Azərbaycana qarşı qərəzli hücumlar müşahidə edilməkdədir. Bu antiazərbaycan kampaniyasının pik həddini isə Birinci Avropa Oyunları ərəfəsində gördük. Bu gün isə Azərbaycan parlament seçkiləri ərəfəsində olduğundan eyni antiazər-baycan şəbəkəsi yenidən şantaj fəaliyyətinə başlayıb. Rəhbəri ermənipərəst Martin Şults olan Avropa Parlamenti sanki yarışa giribmiş kimi Azərbaycanın demokratik imicinə zərbə vurmaq üçün ardıcıl, lakin heç bir əsası olmayan deklarativ sənədlər qəbul edir.
Əlbəttə ki, Azərbaycan Avropa Parlamentinin üzvü deyil və heç bir halda bir qrup ermənipərəstin qəbul etdiyi sənəd istər siyasi, istərsə də hüquqi baxımdan əhəmiyyət kəsb etmir. Amma münasibət bildirib Avropa Parlamentinin antiazərbaycan qüvvələrinin əlində siyasi alət olduğunu və bu qurumun hələ 27 il öncədən ölkəmizə qarşı qərəzli mövqe tutduğunu bir daha qeyd etməliyik.
Xatırladım ki, hələ 1988-ci ildə Avropa Parlamenti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini və Sum-qayıt hadisələrinə subyektiv yanaşmanı ehtiva edən qon-darma sənəd qəbul etmişdi. Eyni mövqe bu gün də sərgilən-məkdədir.
Müəyyən zaman çərçivəsində erməni lobbisinə işləmiş, adlarını belə çəkmək istəmədiyim antimilli ünsürləri müdafiə xarakterli sənəd qəbul edən Avropa Parlamenti bu yolla Azərbaycana təzyiq etmək, onun demokratik imicinə xələl gətirmək, müstəqil siyasət kursuna zərər vurmaq və əlbəttə ki, seçki öncəsi şantaj kampaniyasına start vermək niyyətindədir. Təbii olaraq, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə həm də Qərbin ölkəmizə qarşı sərgilədiyi ikili standartların növbəti təzahürüdür. Belə qeyri-ciddi məlumatlara söykənən qətnamənin qəbul edilməsi isə Avropa Parlamentinin nüfuzuna və siyasi çəkisinə zərbə vurmaqdan başqa heç nəyə yaramır.
Sual edirəm, əgər Avropa Parlamenti insanların hüquqla-rını müdafiə edirsə, nə üçün Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyon-dan çox azərbaycanlının hüquqlarını müdafiə etmir? Bəlkə Avropa Parlamenti ancaq vətəninə, dövlətinə, xalqına xəyanət edənlərin hüquqlarının müdafiəsi ilə məşğuldur?
Digər məqam. Bu günə qədər Qərb ölkələrinin strateji maraqlarının qurbanı olan 100 minlərcə insan ölkəsindən didərgin düşüb. Avropaya pənah gətirən uşaqların, qa-dınların, qocaların 25 mindən çoxunu dənizdə batırıblar, 3000-dən çoxunu isə Avropa sərhədlərində öldürüblər. Budurmu Avropanın insan hüquqlarına verdiyi dəyər? Əgər Avropa Parlamenti insan hüquqlarından danışırsa, o zaman ilk növbədə işğala məruz qalmış ölkələrin, vətənlərindən didərgin salınmış qaçqınların, miqrantların hüquqlarını müdafiə etməlidir. Yox, əgər bunu bacarmırsa, o zaman əhəmiyyətsiz qurum kimi fəaliyyətinə davam etsin. Artıq zamanıdır ki, Avropa Parlamenti kimi Avropadakı digər institutlar da öz fəaliyyətlərinə yenidən baxmalı, şəffaflığı təmin etməli və obyektivliyə əməl etməlidirlər.
Bir daha qeyd etmək istəyirəm ki, diqqətli olmalıyıq. Əgər ermənipərəst qüvvələr seçkilər başlamamış çirkin kampaniyaya bu cür start veriblərsə, deməli, bu şantaj fəaliyyətini daha da genişləndirə bilərlər. Bu baxımdan, həm Azərbaycan ictimaiyyəti, həm də mətbuat ayıq-sayıq olmalı, bu cür addımlara adekvat və kəsərli cavablar verilməlidir.
 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi