2015-ci il 14 oktyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XVI SESSİYASI İCLASININ

PROTOKOLU № 116

Milli Məclisin iclas salonu.
14 oktyabr 2015-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 101
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Heydər Əsədov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının energetika naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Rüfət Aslanlı, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Tahir Budaqov, Azərbaycan Respublikası Dövlət Statistika  Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının  sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Alışanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini.
Sahib Ələkbərov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Ragim Lətifov, Azərbaycan Respublikası fövqəladə  hallar nazirinin müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
İltimas Məmmədov, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
Nazim Səmədov, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini.
Firudin Qurbanov, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
Abbas Vəlibəyov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
Yəhya Musayev, Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini.
Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanu-nunun layihəsi barədə.
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında.
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, İlham Məmmədov, Rafiq Məmmədhəsənov, Jalə Əliyeva, Azay Quliyev, Eldar İbrahimov, Sahibə Qafarova, Aqiyə Naxçıvanlı, Rafael Hüseynov, Bahar Muradova, Xanhüseyn Kazımlı, Ziyafət Əsgərov, Asim Mollazadə, Astan Şahverdiyev, Gövhər Baxşəliyeva, Muxtar Babayev, Məlahət İbrahimqızı, Sevinc Fətəliyeva, Əhliman Əmiraslanov, Abel Məhərrəmov, Şəmsəddin Hacıyev, Siyavuş Novruzov

2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli,  Elman Mehdiyev, Aydın Mirzəzadə, Yevda Abramov

3. Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanunu-nun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Qənirə Paşayeva, Fəzail Ağamalı

4. Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qa-nununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

6. Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov,  Firudin Hacıyev

7. Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov,  Vüqar Gülməmmədov.


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

 

 

MİLLİ MƏCLİSİN İCLASI

14 oktyabr  2015-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 101
Yetərsay 83

Çox sağ olun. Yetərsay var, iclasımıza başlaya bilərik.
Büdcə layihəsinin müzakirəsini davam etdiririk. Buyursun İlham Məmmədov. İlham müəllim, mən dünən hamıya dedim. 5 dəqiqə reqlament qoymuşuq.
İ.Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən də hesab edirəm ki, bu büdcə layihəsi bu günün reallığına uyğun hazırlanmışdır. Günün reallığı isə ondan ibarətdir ki, dünyada iqtisadi xaos və siyasi qeyri-müəyyənlik hökm sürür. Hələ sentyabr ayında möhtərəm Prezidentimiz cənab İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinə həsr edilmiş müşavirədə dünyada yaranmış bu xaos fonunda ölkəmizin təhlükəsizliyinin, sabitliyinin, iqtisadi inkişafının təmin olunması üçün tapşırıq və tövsiyələrini vermişdir. Əlbəttə, belə bir şəraitdə dünya iqtisadiyyatının tərkib hissəsi olan Azərbaycanda iqtisadi təhlükəsizliyin inkişaf prioritetini işləmək, ona uyğun büdcə tərtib etmək yüksək peşəkarlıq və zəhmət tələb edir.
Hörmətli maliyyə nazirimiz Samir müəllimin çıxışında qeyd edildiyi kimi, builki büdcənin tərtib olunmasına təsir edən iki əsas amili də yaddan çıxarmaq olmaz. Birincisi, xam neftin dünya bazarında qiymətinin 2 dəfədən aşağı düşməsi, ikincisi, region dövlətlərdə milli valyutanın kəskin devalvasiyasıdır. Doğrudan da, bu, olduqca mürəkkəb bir vəziyyətdir. Ancaq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, düşünülmüş cəsarətli inkişaf strategiyası bütün bunların öhdəsindən uğurla gəlməyə imkan verir. Büdcə sənədinin dünyada mövcud olan bütün risklər, yəni neftin qiymətinin optimist variantı  50–60 dollar və pessimist variantı 40 dollar ola biləcəyi nəzərə alınmaqla peşəkarlıqla hazırlandığının şahidi oluruq.
Hörmətli cənab Sədr, Siz də dünən çıxışınızda qeyd etdiniz, hesab edirəm, 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda cənab Prezidentin çıxışı artıq bir proqram kimi qəbul olunmalıdır, çünki cənab Prezident ölkəmizin bundan sonrakı uğurlu, əmin-amanlı inkişafı üçün qarşıda duran ən əsas hədəfləri aydın və ciddi şəkildə göstərdi. Tələb etdi ki, bundan sonrakı illərdə cari xərclərimiz qeyri-neft sektorunun hesabına həyata keçirilməlidir. Bunun üçün bu sahə sürətlə inkişaf etdirilməlidir. Cəlb olunan xarici investisiyalar, əsasən, bu sahəyə yönəldilməlidir. Qeyri-neft sektorunun inkişafı ixracyönlü olmalıdır. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyduğu üçün idarə etmə optimallaşdırılmalı, lüzumsuz xərclər aradan qaldırılmalıdır.
Mən də qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının inkişafını xüsusi qeyd etmək istəyirəm. Əhalimizin böyük əksəriyyəti məhz kənd təsərrüfatı sahəsində çalışır. Bunun üçün əvvəlki illərdə böyük bir infrastruktur layihəsi hazırlanmışdı. Elə müstəqillik illərinin ən böyük layihələri olan Taxtakörpü və Şəmkirçay su anbarları bu gün 10 min hektar torpağın yenidən dövriyyəyə qaytarılmasına xidmət edir. Burada yaradılacaq yeni fermer təsərrüfatları ixracyönlü olacaq, büdcəmizin qeyri-neft sektoru hesabına dolmasına şərait yaradacaqdır.
Ölkə rəhbərimizin qeyd etdiyi kimi, xaricdə loqistik mərkəzlər yaradılıbdır və bunun vasitəsi ilə dövlət köməklik göstərəcəkdir ki, ixracyönlü məhsullarımızın istehsalına daha yaxşı şərait yaradılsın. Kənd təsərrüfatı texnikasının alınması, modernləşdirilməsi, heyvandarlığın inkişaf etdirilməsi bu gün ərzaq təhlükəsizliyinin tam təmin olunmasına xidmət edən ən əsas amillərdəndir. Hesab edirəm ki, gələcəkdə də bu, artıq möhtərəm Prezidentimizin qarşıya qoyduğu məqsədlərə – qeyri-neft sektoru hesabına büdcəmizin formalaşmasına xidmət edəcək ən əsas amillərdən biri olacaqdır.
Hörmətli cənab Sədr, büdcəmizin əsas amillərindən biri məhz sosialyönümlü olmasıdır. Mən də çox sevinirəm ki, sosial xərclərin içində səhiyyə sahəsi ilə bağlı dövlət proqramı uğurla icra olunacaqdır. Yenə də 200 mindən yu-xarı şəkərli diabet xəstələri dərmanla təmin olunacaqdır. Elə investisiyaya ayrılmış xərclərin də böyük əksəriyyəti məhz xəstəxanaların, məktəblərin, bağçaların tikilməsinə sərf olunacaq. Möhtərəm Prezidentimiz bu günlərdə Göyçayda, Ucarda, Mingəçevirdə yeni xəstəxanaların açılışında iştirak etdi. Gələn il Hacıqabul, Qazax, Biləsuvar və digər rayonlarda xəstəxanalar tikiləcək. Ölkəmizin növbəti illərdə inkişafına uğurlar arzulayıram.
Hesab edirəm ki, bu gün təmsil etdiyim bölgədə də qeyri-neft sektorunun inkişafına şərait yaradılmalıdır. Suvarılan torpaqlarda elə yerlər var ki, onlar məhz subartezian quyularının qurulması…  
Sədrlik edən. İlham müəllim, reqlamenti 5 dəqiqə müəyyənləşdirmişik. Mən dünən hamıya bu barədə dedim.
İ.Məmmədov. Cənab Sədr, imkan yaratdığınız üçün çox sağ olun. Əlbəttə, bu imkan verəcək ki, təmsil olunduğum bölgədə də qeyri-neft sektorunun inkişafı üçün  şərait ya-ranmış olsun, insanların kənd təsərrüfatı sahəsində fəaliyyəti davam etdirilsin. Buna görə də imkan olarsa, növbəti büdcəmizdə qeyri-neft sektoruna xidmət edəcək bir sahənin inkişafı üçün bu subartezian quyularının qurulması nəzərdə tutulsun.
Hesab edirəm ki, büdcənin əsas prioritetlərindən, qeyri-neft sektorunun inkişafına xidmət edəcək əsas amillərdən biri də növbəti illərdə vergi sistemində olacaq dəyişiklik-lərdir. Belə ki, sadələşdirilmiş vergi sisteminin tətbiq dairəsinin genişləndirilməsi bu sahənin inkişaf etməsinə xidmət edəcəkdir.  Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, cənab Prezidentin qarşıya qoyduğu məqsədlər növbəti illər üçün büdcənin formalaşmasına xidmət edəcəkdir. Dövlətimizə, hökumətimizə bu sahədə uğurlar arzulayıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Rafiq Məmmədhəsənov.
R.Məmmədhəsənov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, hörmətli media nümayəndələri! 2015-ci il dünya iqtisadiyyatındakı qeyri-sabitliyə qlobal iqtisadi böhran, xam malların, eləcə də neftin qiymətinin aşağı düşməsi səbəb olmuşdur. 2014-cü ilin ortalarından başlayaraq neftin qiymətinin kəskin şəkildə azalması neft ixrac edən ölkələrin iqtisadiyyatına çox mənfi təsir etmişdir. Bu da həmin ölkələrin milli valyutasının devalvasiyasına səbəb olmuşdur. Azərbaycan da neft ixrac edən ölkə olduğuna görə bu proses bizdən də yan keçməmişdir. Bizim ölkəmizdə də bu proseslər baş verdi. Ona görə də 2016-cı ilin büdcəsi yuxarıda deyilən obyektiv səbəblərdən 2015-ci illə müqayisədə azdır.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, 2016-cı ilin büdcəsi sosial yönümlüdür. Belə ki, 2016-cı ilin dövlət büdcəsindən elm, təhsil, səhiyyə, sosial müdafiə, sosial təminat, incəsənət, informasiya və sair bu kimi digər sahələrə ayrılan vəsait 2015-ci illə müqayisədə çoxdur. Bütövlükdə deyilən sahələr, eləcə də məqsədli dövlət proqramlarının həyata keçirilməsi üçün nəzərdə tutulan xərclər 2015-ci illə müqayisədə 8,1 faiz çoxdur. 2016-cı ildə səhiyyə xərcləri üçün ayrılan 745 milyon manatın 178 milyon manatı məqsədli proqramların həyata keçirilməsinə sərf olunacaqdır. Buraya xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi, xərçəng xəstəliyi ilə mübarizə, talassemiya, irsi qan xəstəliyi, şəkərli diabet xəstələrinin müalicəsi və sair daxildir. Təkcə onu qeyd etmək istərdim ki, 2015-ci ildə şəkər xəstələrinin müalicəsi və pulsuz dərman təminatı üçün 33 milyon manat vəsait ayrılmışdısa, 2016-cı ildə bu vəsait 40,1 milyon manat nəzərdə tutul-muşdur. Bütün bunlar, eləcə də pensiya, təqaüd təminatı, sosial yardımlar və sair 2016-cı ilin büdcəsinin sosial yönümlü olduğunu bir daha sübut edir və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan vətəndaşlarına göstərdiyi qayğının bariz nümunəsidir.
Bu deyilənlərə əsaslanaraq bu büdcənin qəbul olunmasına səs verəcəyəm. Büdcənin hazırlanmasında böyük zəhmət çəkmiş maliyyə naziri Samir Şərifova və onun komandasına təşəkkürümü bildirirəm. Bir neçə söz də seçildiyim bölgə barəsində demək istəyirəm. Oqtay müəllim, seçicilərlə görüşlər keçiririk. Onların hamısının dövlətdən bir xahişi var. Gədəbəy rayonu sərhəd bölgəsində yerləşir, 123 kilometr sərhəd zolağı vardır. Eləcə də Tovuz rayonunun dağ kəndlərinin qazlaşdırılması gecikir. Bu seçicilərin bir xahişi var ki, onları qazla təmin eləsinlər. Mən də bu xahişi hökumətə çatdırıram. Xahiş edirəm ki, bunları nəzərə alasınız. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlar, hörmətli hökumət üzvləri və media mənsubları! Artıq ikinci gündür ki, 2016-cı il üçün dövlət büdcəsinin layihəsini müzakirə edirik. Çoxsaylı çıxışlardan gəlinən əsas nəticə budur ki, müzakirə etməkdə olduğumuz büdcə layihəsi real proqnozlara əsaslanaraq hazırlanmış əhəmiy-yətli bir sənəddir. Önümüzdəki ilin dövlət büdcəsi layihəsinin dünyada baş verən iqtisadi neqativ hadisələr fonunda hazırlanmış olması onu xüsusi ilə əhəmiyyətli edir. Layihə əvvəlki illərin büdcəsindən öz yığcamlığı ilə fərqlənsə də, tam əminliklə deyə bilərik ki, ötən illərdə olduğu kimi, bu büdcə layihəsində də bir daha insan amili ön plana çəkilmişdir.
Bununla belə, layihə hazırlanarkən bu gün dünyada baş verən qeyri-sabitliklər, qeyri-müəyyənliklər, ehtimallar nəzərə alınmışdır. Büdcə gəlirlərinin azaldığı bir zamanda sosialyönümlü xərclərə 8,6 faiz, sosial tədbirlərə 4,3 faiz, təhsilə 2,4 faiz, səhiyyəyə 0,9 faiz, beynəlxalq fəaliyyətə  22,1 faiz, mədəniyyət, incəsənət, idman xərclərinə 8,4 faiz daha çox vəsait ayrılması, əlbəttə ki, ölkədə hökm sürən ictimai, iqtisadi, siyasi və maliyyə sabitliyinin başlıca göstəricisidir. Bu göstəricilər ondan xəbər verir ki, ölkədə cənab Prezident tərəfindən həyata keçirilən düşünülmüş, gələcəyə yönəlik siyasətin bütün sahələri üzrə hər zaman adekvat tədbirlər planı mövcuddur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbəri olduğu müdrik siyasət strategiyası nəticə-sində ölkədə əvvəlki illərdə geniş vüsət alan iqtisadi inkişaf uğurla davam etməkdədir. Bir az əvvəl qeyd etdik, gəlirlərin azalması fonunda ötən illərlə müqayisədə xərclərin müəyyən ölçüdə də olsa artırılması nikbin düşünməyə əsas verir. Büdcə layihəsi bütövlükdə milli maraqları əks etdirir. Ölkədəki iqtisadi sabitliyin bundan sonra da davam edəcəyinə əminlik yaradan bu layihə akademik səviyyədə hazırlanıb.
Xərclərin mümkün olduğu qədər azaldılmasını tələb edən bugünkü reallıqlar zəminində müxtəlif sahələri əhatə edən təkliflərimiz üçün büdcədən daha çox vəsait ayrılmasını gündəmə gətirməyimiz, əlbəttə, bir o qədər doğru olmazdı. Lakin bununla belə, fikrimizcə, bəzi həlli vacib məsələlər var ki, onlara mütləq diqqət ayrılmalıdır. Dünən də bu məsələ bir neçə dəfə səsləndi. Bunlar aztəminatlı ailələrin mənzil probleminin həlli üçün sosial evlərin tikintisi ilə bağlı olaraq əvvəlki illərdə nəzərdə tutulan layihələrin maliyyələşdirilməsi işinin davam etdirilməsi, həmin təbəqədən olan vətəndaşlar üçün ipoteka şərtlərinin dəyişdirilməsi, yəni asanlaşdırılması, eyni zamanda, təhsil və tibb işçilərinə güzəştli ipotekaların verilməsi məsələləridir. Gəlin nəzərə alaq ki, dünya yaranandan bəri hər canlı özünə kiçik də olsa otdan, çöpdən bir yuva qurmağa çalışmışdır. Dövlətimizin qüdrəti çox da vəsait tələb etməyən layihələri həll etməyə, əminik ki, qadirdir.
Hökumət üzvlərinin tam tərkibdə burada olmasından istifadə edərək son günlərdə seçicilərim tərəfindən daxil olan bir xahişi səsləndirmək istəyirəm. Ölkədə uğurla həyata keçirilən qazlaşdırma siyasətinin tərkib hissəsi olaraq deputatı olduğum Zərdab rayonunun Sarıqaya kəndinə də qaz xətti çəkilməkdədir. Lakin həmin kənddə bəzi evlər Kür çayının keçdiyi bəndin ərazisində yerləşir və bu vəziyyət layihəyə görə həmin ərazidən keçməsi nəzərdə tutulan qaz xəttinin çəkilməsini mümkünsüz edir. Hazırda həmin kənddə qaz çəkilişi işləri yarımçıq qalıb. Bu vəziyyət bir neçə aydan bəri davam edir və heç bir şəkildə həllini tapmır. Qarşıdan da qış gəlir. Hörmətli hökumət üzvlərindən həmin layihənin ən qısa zamanda yenidən nəzərdən keçirilməsi üçün mümkün olan köməklikləri göstərmələrini xahiş edirəm.
Sonda günümüzün reallıqları zəminində böyük bacarıq və dərin məlumatlılıq tələb edən dayanıqlı bir büdcə layihəsini hazırladıqları üçün cənab Baş nazirə, maliyyə nazirinə və bütün əlaqədar qurumlara və şəxslərə təşəkkür edir və bu büdcə layihəsinə səs verəcəyimi bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və mətbuat nümayəndələri! Biz dünən hökumət üzvləri tərə-findən çox maraqlı təqdimatların şahidi olduq və millət vəkilləri də büdcə ilə bağlı çox maraqlı fikirlər söylədilər. Hesab edirəm, bizə təqdim olunan büdcənin əsas xarakterik xüsusiyyəti ondan ibarətdir ki, o, qlobal iqtisadi böhran ərəfəsində, neftin qiymətinin kəskin azalması fonunda hazırlanıbdır. Ona görə də bu büdcə bizim üçün xüsusi əhəmiyyət daşıyır.
Nəzərə alsaq ki, Azərbaycan həm də yeni iqtisadi mər-hələyə qədəm qoyur, yeni çağırışları qəbul edir, yeni real-lıqla üzbəüzdür, bu baxımdan, əlbəttə, büdcənin müqayisəli təhlili daha çox əhəmiyyət daşıyır. Bu təhlil həm də digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilməklə həyata keçirilməlidir və vətəndaşlarımıza, sadə insanlara büdcənin, doğrudan da, iqtisadi inkişafımıza hesablandığı və orada əhalinin sosial rifah halının nəzərə alındığı bir daha göstərilməlidir. Məsələn, əgər biz MDB üzrə iqtisadi inkişaf artımını müqayisə etsək, görərik ki, Azərbaycan iqtisadiyyatının artım tempi MDB üzrə orta göstəricidən 6 dəfə çoxdur və hətta bu, Avropanın bir sıra ölkələrini də qabaqlayır.
İkinci mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan, nəhayət, qeyri- neft sektorunu büdcədə qabarıq şəkildə göstərməyi bacarıbdır. Artıq Azərbaycan iqtisadiyyatı neftdən asılılığını kifayət qədər azaldır və gələn il büdcəyə daxil olan 2 manatdan biri məhz biznes sektorunun payına düşür.
Üçüncü müqayisə ondan ibarətdir ki, büdcəyə daxilol-maların azalmasına baxmayaraq, əsas xərc maddələri üzrə artımlar müşahidə olunur. Məsələn, əmək haqqının ödənil-məsinə yönələn xərclərin 21,7, təqaüdlər və sosial müavinətlər üzrə  xərclərin 11,2, ümumi dövri xərclərin isə 21,2 faiz artması, hesab edirəm ki, büdcənin ən uğurlu gös-təricilərindən hesab olunur. Məsələn, analoji göstəricilər Macarıstan dövlət büdcəsində kifayət qədər aşağı düşüb. Yaxud Polşada gələn il müdafiə xərcləri 5,4 faiz azalacaq, Gürcüstanda 6,4 faiz olacaq. Azərbaycanda isə müdafiə xərcləri 4,4 faiz artacaqdır. Yeri gəlmişkən, Ali Baş Komandana, cənab Prezidentə təşəkkür edirəm ki, belə bir iqtisadi böhran ərəfəsində müdafiə xərclərimiz nəinki azaldı, əksinə, artırıldı. Hesab edirəm, bu həm də bizim düşmən ölkəyə növbəti mesajımızdır.
Növbəti məsələ ondan ibarətdir ki, Azərbaycan büdcə gəlirləri həcminə görə regionda mütləq liderdir. Məsələn, biz Cənubi Qafqaz üzrə Gürcüstan və Ermənistanla müqayisə aparsaq, görərik ki, Azərbaycanın büdcə gəlirləri hər iki ölkənin ümumi büdcə gəlirlərindən iki dəfə çoxdur. Yaxud da kənd təsərrüfatının dəstəklənməsinə baxsaq, burada da kifayət qədər artım görürük. Bu gün kənd təsərrüfatının dəstəklənməsi, cənab Prezidentin kənd təsərrüfatına  xüsusi diqqət yetirilməsi, hesab edirəm ki, gələcəkdə qeyri-neft sektorunun dayanıqlı inkişafına verilən əsas zəmanətlərdən biridir. Məsələn, gələn il qonşu Rusiyada kənd təsərrüfatı üzrə xərclər 26 faiz azalacaqsa, əksinə, Azərbaycanda bu xərclər kifayət qədər artacaq.
Bu müqayisə ilə yanaşı, bir neçə məsələyə də toxunmağı lazım bilirik. Bilirsiniz ki, 2 gün bundan öncə cənab Prezident Nazirlər Kabinetinin iclasında çox ətraflı çıxış elədi. Bu çıxış Azərbaycanın iqtisadi inkişafının gələcək konsepsiyasının əsas istiqamətləri, prioritetləridir. Cənab Prezident bir sıra məsələlərə toxundu. Qeyd olundu ki, 67 min yeni iş yeri açılıb və onun 30 mini  bağlanıb. Bu, gə-ləcəkdə diqqət göstəriləcək əsas məsələlərdən biri olmalıdır. Eyni zamanda, ixrac yönümlü iqtisadiyyatın dəstəklənməsi və vergi mexanizmləri vasitəsi ilə stimullaşdırılması da çox mühüm məsələlər sırasındadır.
Dəyərli millət vəkilləri və hökumət üzvləri, istərdim, Şirvan şəhəri ilə bağlı iki məsələni hökumətin diqqətinə çatdırım. Bu gün büdcədən nə isə istəmək, əlbəttə, doğru deyil. Amma orada bir uşaq bağçasının tikilməsinə ehtiyac var. Şirvanda bu gün 7200 nəfər azyaşlı uşaq var, amma şəhərdə 560 yerlik uşaq bağçası fəaliyyət göstərir. Bir də, “Gülmost” deyilən ərazidə qəzalı vəziyyətdə olan bir məktəbin tikintisi çox vacibdir və Nazirlər Kabinetinin bununla bağlı qərarı var. Mən büdcə zərfini uğurlu hesab edirəm və həmkarlarımı buna səs verməyə çağırıram. Hökumətimizi bu münasibətlə təbrik edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Eldar İbrahimov, buyurun.
E.İbrahimov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputatlar və hökumət üzvləri! Hər il olduğu kimi, bu il də büdcə zərfi çox aydın, şəffaf, hər bir adamın başa düşəcəyi tərzdə hazırlanıb. Buna görə hörmətli Samir müəllimə min-nətdarlığımı bildirirəm.
Dünyada baş verən  proseslər, neftin qiymətinin siyasi və iqtisadi səbəblərdən aşağı düşməsi, valyutaların məzən-nəsinin tez-tez dəyişməsi, Yaxın Şərq regionunda davam edən müharibələr, digər neqativ amillər dünya iqtisadiyyatına öz təsirini göstərməkdədir. Şübhəsiz ki, dünyanın bir çox ölkələri ilə əlaqələr quran respublikamızın bu amillərin təsirindən uzun müddət qorunması, təbii ki, çətin olardı.
Aydın məsələdir ki, ölkəmizin iqtisadiyyatında önəmli yeri olan neftin qiymətinin bir ildən artıqdır ki, kəskin şəkildə aşağı düşməsi iqtisadiyyata, o cümlədən büdcə gös-təricilərinə təsir etməyə bilməzdi. Bununla belə, Dövlət Neft Fondunun ehtiyatlarından istifadə etməklə büdcənin gəlirlərini və xərclərini keçən ilin səviyyəsində saxlamaq olardı. Ancaq müzakirəyə təqdim olunan materialların təhlili göstərir ki, Azərbaycan hökuməti çox düzgün yol seçərək büdcə gəlirlərində Dövlət Neft Fondundan daxilolmaları azaldaraq  digər mənbələrdən gəlirin artmasına üstünlük vermişdir.
Eyni zamanda, biz görürük ki, ümumilikdə büdcə gəlirləri və xərcləri azalsa da, gələn ilin büdcəsi əvvəlki illərdə olduğu kimi ozünün sosial yönümü ilə seçilir. Bununla əlaqədar hörmətli Prezidentimiz cənab İlham Əliyev bu ilin sentyabr ayında keçirdiyi müşavirədə qeyd etdi ki, ən əsas məsələlər büdcədə həllini tapacaq, bütün sosial proqramlar ixtisarsız icra ediləcək. Azərbaycan vətəndaşları əmin ola bilər ki, bu sahədə heç bir ixtisar ola bilməz. Sosial infrastruktur layihələri icra ediləcək, məktəb, uşaq bağçaları, xəstəxanaların tikintisi, eyni zamanda, sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcəkdir.
Möhtərəm Prezidentimizin tapşırıqları bu gün müzakirə etdiyimiz büdcədə öz əksini tapmışdır. Belə ki, 2016-cı ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xü-susi çəkisinin 36,1 faiz təşkil etməsi və cari ilə nisbətən 8,6 faizdən artıq nəzərdə tutulması onu göstərir ki, büdcə tərtib edilərkən əsas diqqət Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəlmişdir. Dövlətin öz xalqı qar-şısında öhdəliyinin əsas istiqamətlərindən biri də məhz bu amildir və gələn ilin büdcəsi də onun icrasını təmin etməyə yönəlmişdir.
Fərəhli haldır ki, qeyri-neft sektorunun inkişafında və əhalinin əsas ərzaq məhsulları ilə təmin olunmasında xüsusi rolu olan kənd təsərrüfatına gələn ilin büdcəsində ayrılan vəsait azalmamış, hətta artım nəzərdə tutulmuşdur. Bu da onu göstərir ki, kənd təsərrüfatı həmişə dövlət başçısının diqqətindədir. Hörmətli Prezidentimiz cənab İlham Əliyev prezidentliyinin ilk dövründən kənd təsərrüfatını qeyri-neft sektorunun prioritet sahəsi elan etmiş və bütün görüşlərində onu inkişaf etdirməkdə əsas məqsədin əhalini yerli ərzaq məhsulları ilə təmin etmək olduğunu bildirmişdir.
Cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bu məsələyə yenidən toxunaraq demişdir: “Kənd təsərrüfatının inkişafı, artımı həm sosial, həm də iqtisadi sahədir. Biz çalışırıq və çalışacağıq ki, özümüzü əsas  ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin edək”. Prezidentimiz bu məqsədlə aqrar sektorun inkişafı üçün bir çox fərman və sərəncamlar imzalamış, bu ili kənd təsərrüfatı ili elan etməklə bu sahəyə öz qayğısını heç vaxt əsirgəməmişdir. Son illər aqrar sahəyə büdcədən verilən subsidiyaların və müxtəlif mənbələrdən ayrılan investisiyaların artması artıq öz bəhrəsini verməkdədir.
Təkcə onu demək kifayətdir ki, Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Taxta-körpü su anbarının, Taxtakörpü–Ceyranbatan və Vəlvə-ləçay–Taxtakörpü kanallarının tikintisinin başa çatması Şabran, Siyəzən və Xızı rayonlarında 30 min hektar yeni suvarılan torpaqların istifadəyə verilməsini təmin edəcəkdir. 1 milyard manata yaxın investisiya xərclənmiş bu layihə həm də  həmin bölgədə  mövcud olan suvarılan torpaqların su təminatını yaxşılaşdıracaq və digər bölgələrdə olduğu kimi, hər hektardan 55–60 sentner taxıl, hər inəkdən 6–7 min litr süd əldə edən bir neçə iri təsərrüfatın yaradılmasına imkan verəcəkdir. Məhz bunun sayəsində son vaxtlar kənd təsərrüfatında əlavə dəyərin və kənd təsərrüfatı məhsullarının həcmi artmış, məhsuldarlıq xeyli yüksəlmişdir. 
Hörmətli həmkarlar və hökumət üzvləri, mən Naxçıvan Muxtar Respublikasından seçilən deputat kimi, ölkəmizin rəhbəri möhtərəm İlham Əliyev başda olmaqla büdcənin tərtibində iştirak edən hər bir kəsə bu bölgəyə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. Mən büdcənin komitələrdə müzakirəsi zamanı 2016-cı il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanı əgər artırmaq mümkün deyilsə, heç olmasa, bu ilin səviyyəsində saxlamağı hökumətdən xahiş etmişdim. İnanıram ki, hörmətli hökumət üzvləri bu həssas bölgənin probleminə həssas yanaşacaqlar.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Buyurun, Sahibə Qafarova.
S.Qafarova. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Mən də düşünürəm ki, Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsi praqmatik büdcə siyasətinin nəticəsidir. O, iqtisadi dəyişikliklərə və dünyada baş verən geosiyasi proseslərə, hazırkı dövrün çağırışlarına cavab verən bir büdcədir. Düşünürəm ki, dünyada kifayət qədər gərgin proseslərin yaşandığı indiki məqamda Azərbaycanda heç bir sosial proqramın ixtisara salınmaması, dövlətin sosial sahəyə diqqət və qayğısının artaraq davam etməsi ölkəmizdə yaradılan sosial dövlət modelinin uğurlarındandır.
Mən regionda yaşayan seçiciləri təmsil edən millət vəkili kimi tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbay-canda həyata keçirilən iqtisadi strategiyaya paralel olaraq vətəndaşlarımızın maraq və mənafelərinə cavab verən uğurlu sosial siyasət və bu istiqamətdə əhatəli tədbirlər həyata keçirilməkdədir. Bu isə onu deməyə əsas verir ki, hətta böhranlı illərdə Azərbaycanın inkişafı davamlı hal alıb.
Əlbəttə ki, inkişaf davamlı prosesdir. Zaman dəyişir, in-sanlar dəyişir,  təbii ki, cəmiyyət dəyişir. Dəyişikliklər isə hər dəfə yeni şərtlər meydana gətirir, yeni şərait ortaya çıx-arır. Əsas odur ki, bu problemlərin həlli istiqamətində lazımi tədbirlər görülür. Məlumdur ki, möhtərəm Prezident cənab ilham Əliyev ilk gündən bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Atılan bütün addımların, həyata keçirilən siyasətin məqsədi Azərbaycan vətəndaşlarının ən yüksək həyat şəraiti ilə təmin olunmasıdır. Bu həm də o deməkdir ki, dövlət başçısı tərəfindən lazımi siyasi iradə ortaya qoyulub.
Bununla yanaşı, Azərbaycanda bütün sahələrdə davamlı inkişafı təmin etmək üçün konkret dövlət proqramları həyata keçirilir.  Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, təhsil, elm, mədəniyyət sahələrində  əsaslı uğurların qazanılması və digər istiqamətlərdə həyata keçirilən dövlət proqramlarının bu gün ortaya çıxardığı uğurlu nəticələr bir daha sübut edir ki, məqsədyönlü  şəkildə keçirilən islahatlar bütün sahələrin paralel inkişafını təmin edir.
Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz  xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir. Bu dəstək Azərbaycanda möhkəm əsaslara söykənən sabitliyin, dolayısı ilə də inkişafın təminatçısıdır, çünki sabitlik, vətəndaş həmrəyliyi, xalqla iqtidar arasında birlik olmasa, heç nəyə nail olmaq mümkün deyil. Bunu son dövrlərdə bizə yaxın və uzaq coğrafiyada baş verən hadisələr, vətəndaş müharibələri, siyasi qarşıdurmalar bir daha göstərir. Azərbaycan isə bu hadisələrdən məhz xalqın seçdiyi hakimiyyətə güclü dəstəyi və dövlətimizin başçısı tərəfindən həyata keçirilən düşünülmüş ardıcıl siyasət nəticəsində yan keçib, sığortalanıb. İnanıram və əminəm ki, qarşıdakı dövrlərdə də Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətlə yoluna davam edəcək və daha böyük nailiyyətlərə imza atacaqdır.
Hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, burada Azərbaycan regionlarında görülmüş işlərlə bağlı çoxlu fikirlər səsləndi. Təmsil etdiyim Şəmkir rayonunda da bir sıra mühüm işlər görülmüş, yeni layihələrin icrasına başlanılmışdır. Bir neçəsinin adını çəkmək istərdim. Belə ki, hazırda “Şəmkir Aqropark”ın tikintisinə başlanmışdır. Şəmkir rayonu Çinarlı bələdiyyəsinin təsis etdiyi “Çinarlı” MMC-nin nəzdində “Şəmkir səbəti” adlanan yeni yaşıl ba-zarın tikintisi başa çatmaq üzrədir. Bundan başqa, 2015-ci ilin aprel ayında Şəmkir su zavodu təsis olunmuşdur. Bir neçə gün əvvəl isə Şəmkir şəhər Nizami adına tam orta məktəbin binası yenidən tikilərək istifadəyə verilib.  Əlbəttə, görülən bu işlər rayonun sosial-iqtisadi həyatında canlanma, müsbət dinamika yaradıb, rayon sakinlərinin güzəranının daha da yaxşılaşmasına mühüm töhfə verib.
Bununla belə,  seçicilərin müraciət etdiyi bir sıra məsə-lələrin həlli üçün gələn ilin dövlət büdcəsindən vəsait ayrıl-masını xahiş edirəm. Rayonun bəzi kəndlərində qazlaşdırma işləri sona çatmayıb. Bunlar Qaralılar, Muxtariyyə, Seyfəli kəndləridir. Bilirik ki, dövlət bu istiqamətdə işlərini davam etdirir. Şəmkir rayonunda da bu işlərin tamamlanmasını istərdim. Çinarlı qəsəbəsindəki 1 nömrəli orta məktəbin əsaslı təmiri üçün də vəsait ayrılmasını xahiş edirəm. Son olaraq onu demək istərdim ki, mən bu büdcəyə səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aqiyə Naxçıvanlı.
A.Naxçıvanlı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Milli Məclisin müzakirəsinə çıxarılan 2016-cı ilin dövlət büdcəsi qlobal dünyada baş verən böhranlara baxmayaraq, ölkəmizin davamlı, sistemli, düzgün düşünülmüş inkişafından, iqtisadi və sosial həyatın bütün sahələrində əldə edilmiş müsbət dinamikadan xəbər verir. Bu uğurlar, əlbəttə ki, cənab Prezidentin düzgün iqtisadi strategiyasının ardıcıl həyata keçirilməsinin nəticəsidir. Hökumət tərəfindən təqdim olunmuş 2016-cı ilin dövlət büdcəsi zərfi büdcə sənədlərinin geniş, reallığa söykənmiş, analitik təhlilindən xəbər verir. Məndən əvvəl çıxışlarda səslənən müsbət fikirlərə qoşularaq demək istəyirəm ki, büdcənin təsdiq olunmasına səs verəcəyəm və bu sənədlərin hazırlanmasında əməyi olanların fəaliyyəti yüksək qiymətə layiqdir.
Mən də həmkarlarımın çıxışlarında deyilən fikirləri dəs-təkləyirəm. Bununla belə, bir neçə təklifimi söyləmək istə-yirəm. 2016-cı ildə maliyyə çətinliklərinin olmasını indidən nəzərə almaq vacibdir. İqtisadiyyatımızın geniş inkişafı ilə yanaşı, təbii fəlakətlər, texnogen proseslər və digər amillər dövlət obyektlərinə, şəxsi əmlaklara müəyyən ziyanlar vurur. Belə fəsadların aradan qaldırılmasına, aidiyyəti qurumlara mümkün olan vəsaitin ayrılmasına müəyyən vaxt tələb olunur. Ziyan çəkmiş sahələr üzrə iş prosesinin normal hala salınması üçün rayon büdcələrinə müəyyən miqdarda vəsaitin ayrılmasına ehtiyac vardır.
Bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Oğuz rayonunun Padar kəndində 460 yerlik məktəb 2015-ci il 4 sentyabr tarixində zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb. Orada təhsilin davam etdirilməsi mümkün hesab olunmur. Əlaqədar qurumun nümayəndələri tərəfindən hazırlanan sənədlər Nazirlər Kabinetinə təqdim olunsa da, indiyədək heç bir tədbir görülməyib. Uşaqların təhsildən ayrılmaması üçün onları üç uyğunlaşdırılmış binaya köçürüblər. Lakin bu binaların heç birində normal şərait yoxdur. Qarşıdan qış gəlir və vəziyyət bir az da ağırlaşacaqdır. Ona görə hökumət üzvlərindən xahiş edirəm ki, bununla bağlı tədbir görülsün.
Son illər büdcədən sosialyönümlü sahələrə lazımınca vəsait ayrılıb. Belə ki, rayonlarda əlil və şəhid ailələrinin, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırıl-ması məqsədi ilə yaşayış evləri və digər sosial obyektlər tikilərək onların istifadəsinə verilib. Bu çox yaxşı haldır. Ancaq rayonlarımızda anasız və atasız böyüyən, anadan-gəlmə və sonradan qazanılan əlilliyi olan uşaqlar, tam im-kansız ailələrin övladları həddi-büluğa çatarkən, gələcək həyatlarını qurarkən çox böyük çətinliklərlə üzləşirlər. Bu problemin həlli üçün onlar rayon rəhbərlərinə, Milli Məclisin deputatlarına və digər qurumlara müraciət edirlər. Düşünürəm ki, müxtəlif fondlar yaratmaqla, büdcədən müəyyən məbləğdə vəsait nəzərdə tutaraq onlar üçün fərdi evlərin tikilməsinə köməklik etməklə bu problemləri həll etmək mümkündür.
Son vaxtlar Oğuz rayonunda kəndlərin qazlaşdırılması istiqamətində Dövlət Neft Şirkəti və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ciddi addımlar atılır. Bu çox təqdirəlayiq-dir və bilirik ki, bu məsələ daim ölkə başçısının nəzarətin-dədir. Bununla belə, Oğuz rayonunun təbiətini qorumaq, meşələrin qırılmasının qarşısını almaq üçün qazlaşdırmanın sürətləndirilməsini çox vacib hesab edirəm. Mən düşünürəm ki, qaldırdığım bu üç məsələ çox vəsait tələb etmir və bunların həllinə hökumət üzvləri köməklik edə bilərlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafael Hüseynov.
R.Hüseynov. Hörmətli qonaqlar, dəyərli həmkarlar! “Büdcə” kəlməsi ilə “güc” sözü arasında bir səsləniş yaxın-lığı var, amma bu yaxınlıq yalnız zahiri əlamətdir. Eyniyyət, yaxınlıq onların mahiyyətindədir, cövhərindədir. Büdcə ölkənin gücü, dövlətin qüdrəti deməkdir. Qarşımızdakı sənəd 2016-cı ildə Azərbaycan dövlətinin gücünü, qüdrətini ifadə eləyən çox dəyərli bir layihədir və ona görə də Azərbaycan hökumətinin uğuru sayılmalıdır.
1918-ci ilin sentyabrında Bakı bolşeviklərdən və erməni işğalçılarından azad olunandan sonra Gəncədən Bakıya köçən Azərbaycanın ilk hökuməti az sonra “Metropol” mehmanxanasında yerləşdi. Orada həm yaşayır, həm də işləyirdilər. Amma daha öncə onlar müxtəlif yerlərdə qərar tutmuşdular. Azərbaycanın ilk Maliyyə Nazirliyi bir müddət İstiqlaliyyət küçəsində “İsmailiyyə”də, indi Milli Elmlər Akademiyasının yerləşdiyi binada fəaliyyət göstərirdi. O binanın yuxarı hissəsində VII əsr ərəb müdrikinin qatışıq zamanlar içərisində dürüst çıxış yolu tapmağa səsləyən bir hikməti həkk olunmuşdu. Ərəb müdriki söyləyirdi ki, dünyanın qatışıqlığı təəccüblü deyil, təəccüblü olan insanların bu qatışıqlıqdan necə baş çıxarmasıdır.
2016-cı ilin büdcəsi ilə bağlı fikir mübadilələri apar-dığımız bu günlər dünyanın son dərəcə mürəkkəb proseslər yaşadığı, qlobal iqtisadi böhranla üz-üzə olduğu vaxtdır. Əsas odur ki, belə çətin vaxtlarda büdrəməyəsən, müvazi-nətini itirməyəsən, ləngərini saxlaya biləsən və bu çətin qarışıq zaman içərisində ağıllı çıxış yolu tapasan. Məntiqin qızıl düsturu var ki, düzgün qoyulmuş sualın yalnız bir düzgün,  çox sayda isə yanlış cavabları var. Düşünürəm ki, təqdim olunan layihə məhz düzgün qoyulmuş suala tapılmış düzgün, dürüst bir cavabdır. Hətta mümkün perspektivlər üçün onun variasiyaları da ortadadır. Ona görə də həm Maliyyə Nazirliyinin, həm İqtisadiyyat və Sənaye Nazirliyinin – bütövlükdə Nazirlər Kabinetinin bu işi çox yüksək qiymətləndirilməlidir. Amma onu düşünürəm ki, bu sənədin əsas müəllifi ölkə Prezidenti cənab İlham Əliyevdir, çünki fəlsəfəni, xətti o müəyyən edir. Onun apardığı siyasət, onun yürütdüyü xətt olmasa idi, bu sənəd də, bu ruhlu layihə də ortada olmazdı.
Bu sənədin diqqətəlayiq cəhətlərindən biri dönə-dönə qeyd olundu. Bir daha təkrar olunmasına ehtiyac var ki, onun sosialyönümlü olması, ən müxtəlif mürəkkəb situasi-yalara baxmayaraq, azalmaların olmamasıdır. Düşünürəm ki, müdafiə xərclərinin artırılması da bu büdcə layihəsinin uğurlu bir cəhəti sayılmalıdır. 2014 və 2015-ci illərin büd-cələrini tərtib etmək bundan qat-qat asan idi. Əsas odur ki, dar macalda ölkənin və millətin mənafelərini müdafiə edən ən zəruri sahələri diqqətdə saxlayaraq əlində olan məhdud imkanlarla davamlı inkişafı təmin eləmək üçün vacib təməlləri qoruyub saxlayasan. Düşünürəm ki, mövcud şəraitdə kifayət qədər ölçülü-biçili büdcədir. Onun daha mükəmməl olması üçün, əlbəttə, xeyli təkliflər irəli sürmək mümkündür. Mənim də beynimdə çox ideya, fikirlər var, amma orası da var ki, biz reallıqla da barışmalıyıq. O tək-lifləri irəli sürərkən o vəsaitləri haradan alacağımızı da göstərməliyik. Bu, əlbəttə ki, daha yaxşı zamanların istək-ləridir. Gün gələr, onları da söyləyərik.
Mən təmsil etdiyim bölgənin ağrıları ilə əlaqədar iki mə-sələni ortaya qoymaq istərdim və düşünürəm ki, onların həlli mümkündür. 10–12 milyon manat bu çoxmilyardlı büdcədə tapılması asan olan bir vəsaitdir və məncə, onu tapmaq mümkündür. Deməli, 2012-ci ildə cənab Prezidentin ayırdığı vəsait və bilavasitə diqqəti sayəsində Hacıqabul–Paşalı–Tağlı yolu inşa edildi. Sovet dönəmində Avropa ölkələrinə səfər edərkən dağ və kəndarası yollardan keçərkən düşünürdüm ki, görən nə vaxtsa bizdə heç kəndlərdə demirəm, şəhərlərdə belə yollar olacaqmı? İndi dağların zirvəsindən dolana-dolana keçən 37 kilometrlik Hacıqabul–Paşalı–Tağılı yolunu qət edərkən düşünürsən ki, nə yaxşı, bizdə müasir standartlara cavab verən belə rahat, gözəl yollar var. Lakin o yoldakı körpü bərbad vəziyyətdədir. Dəmir körpüdür və onun inşası üçün 3 milyon vəsait lazımdır. Düşünürəm ki, o 3 milyon vəsaiti Maliyyə Nazirliyi ayıra biləcək və həmin arzu həyata keçəcək.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir

Sədrlik edən. Allah arzunuza çatdırsın, Rafael müəllim. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun. Hörmətli sədarət, hörmətli de-putat həmkarlarım, hörmətli media nümayəndələri! Məndən əvvəl çıxış edən deputat həmkarımız Rafael Hüseynovun fikirləri, əlbəttə, təqdirəlayiqdir, çünki tərəqqimizi görmək üçün mütləq müqayisələr aparmalıyıq.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin çox haqlı olaraq dünya ictimaiyyətini işgüzar əməkdaşlığa çağırışları da, bu il avqust ayının 31-dən sentyabr ayının 2-ə qədər Nyu-York şəhərində keçirilən BMT-nin ali tədbirində başda Azərbaycan parlamentinin spikeri cənab Oqtay Əsədov olmaqla respublika nümayəndə heyətinin iştirakı da, cənab Sədrin həmin möhtəşəm məclisdəki hərtərəfli çıxışı da xalqımızın öz rəhbəri ətrafında möhkəm birləşərək qələbəyə doğru inamla addımladığını bir daha sübut edir. Bu o deməkdir ki, Azərbaycan artıq qüdrətli dövlətə, ədalətli cəmiyyətə, bölgələri də daxil olmaqla varlı vətəndaşlar diyarına  çevrilmək əzmindədir. Ona görə də mən ölkə rəhbərinin, onun ətrafındakı qüvvələrin zəhmətini yüksək qiymətləndirirəm.
Hesab edirəm ki, bu ilin dövlət büdcəsinin xərcləri barədə ətraflı danışmaq olar. Amma burada çox gözəl deyildi ki, real imkanları da nəzərə almaq lazımdır. Mən hesab edirəm ki, müzakirə etdiyimiz dövlət büdcəsi çox yüksək səviyyədə hazırlanmışdır. Mənim bir xahişim var. Üçüncü gündür ki, Azərbaycan Respublikasının dövlət büdcəsi müzakirə olunur. Artıq fikirlər təkrar olunur. Dövlət büdcəsinin yüksək səviyyədə hazırlanmasını nəzərə alaraq, hesab edirəm, ona səs verib qəbul etmək lazımdır. Bütün deputat həmkarlarımı dövlət büdcəsinin lehinə səs verməyə çağırıram. Mən bu büdcə layihəsinə səs verəcəyəm. Təşəkkür edirəm ki, mənə söz verdiniz. 

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli hökumət nümayəndələri, hörmətli millət vəkilləri! Son on ildə ilk dəfədir ki, biz fərqli bir vəziyyətlə üzləşirik, büdcə artmır. Hər il büdcədə artım olardı. Bunun da əsas səbəbi Azərbaycan neftçilərinin fədakar əməyi, neft və enerji amili idi. Dünyada vəziyyət dəyişib.
Mən büdcəni hazırlayan Maliyyə Nazirliyinə öz minnət-darlığımı bildirmək istəyirəm. Çox ağır vəziyyətdə peşəkar-casına büdcə layihəsi hazırlanıb, bizə təqdim olunub. Büd-cədə məmnunluq doğuran bir amil odur ki, sosial istiqamətdə heç bir ciddi dəyişikliklər yoxdur. Dünyadakı ağır maliyyə vəziyyətinə baxmayaraq, əhalimiz əziyyət çəkməyəcək.
Çox istərdim ki, büdcədə xüsusi kateqoriyalı vətəndaşlar diqqətdən yayınmasın və onlara dövlət dəstəyi daha da artırılsın. Söhbət müharibə əlillərindən, müharibə veteran-larından, şəhid ailələrindən gedir, çünki bizə qarşı aparılan müharibə hələ dayanmayıb. Gələcəkdə istənilən təhlükənin qarşısını almaq üçün dövlət nümayiş etdirməlidir ki, torpaqlarımız üçün qan tökmüş, şəhid olmuş vətəndaşlar unudulmayacaq. Mənə elə gəlir ki, biz büdcədə bu məsələyə çox ciddi diqqət yetirməliyik.
Azərbaycan dövləti üçün gözəl bir şansdır ki, Azərbaycan iqtisadiyyatını diversifikasiya edərək enerji amilinin büdcədə yükünü azaltmalıyıq. Burada da ən əsas yol orta və xırda sahibkarların dəstəklənməsindən keçir. Nəhayət, biz vəziyyəti köklü surətdə dəyişməliyik. Sahibkarların fəaliyyəti ilə bağlı hüququn aliliyi bərqərar olunmalıdır. Sözlə deyil, konkret addımlarla biz bu prosesi həyata keçirməliyik. Son illərdə korrupsiya ilə mübarizə istiqamətində Azərbaycanın çox uğurlu bir nailiyyəti var, “ASAN xidmət”. Mənə elə gəlir ki, “ASAN xidmət”i bizim sahibkarların da müdafiəsi üçün tətbiq etməliyik. Məhz yeni texnologiyaların, yeni proseslərin tətbiqi ilə biz məmur özbaşınalığının qarşısını ala bilərik.
Bir şeyi də xatırlatmaq istərdim ki, “ASAN xidmət”in uğuru onunla bağlıdır ki, bu sistemi quranların əksəriyyəti yüksək təhsilə malik olan gənclərdir. Təhsil amili Azərbay-can iqtisadiyyatının şaxələnməsi üçün əsas gücdür. Deməli, biz peşə və ali təhsil istiqamətində çox ciddi islahatlar həyata keçirməliyik. Mənə elə gəlir ki, bu istiqamətdə müəyyən nümunələr də yaranıb və biz onları digər universitetlərə və peşə məktəblərinə tətbiq etməklə ciddi bir nəticəyə nail ola bilərik. Peşəkarlar işləməsələr, Azərbaycan iqtisadiyyatını şaxələndirə bilməyəcəyik. Hökumətin qarşısında suallar durmalıdır ki, artıq 100 milyonlarla investisiyanın bəhrə verməsi zamanıdır və o, Azərbaycan büdcəsinə öz töhfəsini verməlidir. Lakin biz bunu müşahidə edə bilmirik. Deməli, turizm sektorunda yeni inşa olunmuş gözəl, möhtəşəm mehmanxanalardan gəlir əldə etmək üçün sistemli işlər aparılmalıdır. Kənd təsərrüfatında yeni texnologiyalar tətbiq edilməlidir.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli hökumət üzvləri və həmkarlarım! Dövlət büd-cəsinin tərtibi hər zaman məsuliyyəti və aktuallığı ilə prior-itet bir məqsəd olmuşdur. Xüsusilə makroiqtisadi aləmdə baş verən təlatüm bu gün bu vəzifənin icrasını daha da çətinləşdirmiş və məsuliyyət yükünü artırmışdır.
Dövlət büdcəsində diqqəti cəlb edən ilk vacib məqam həm gəlirlərin, həm də xərclərin azalmasıdır. Heç şübhəsiz ki, bunu dünya bazarında neftin kəskin ucuzlaşması ilə əlaqələndirmək olar. Bundan əlavə, ola biləcək iqtisadi böhrana qarşı xərclərin mümkün qədər azaldılması da başa düşüləndir.
Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması nəinki 2016-cı il büdcəsinə, həmçinin 2015-ci ilin proqnoz göstəricilərinin icra vəziyyətinə də təsirsiz ötüşməmişdir. Büdcə daxilolmalarına nəzər saldıqda görürük ki, onların 45,3 faizi Vergilər Nazirliyindən, 41,2 faizi Dövlət Neft Fondundan transfertlərdir. 10,9 faiz Dövlət Gömrük Komitəsindən və 2,6 faiz sair mənbələrdən daxilolmalardır. Sevindirici məqam odur ki, qeyri-neft gəlirlərinin dövlət büdcəsindəki xüsusi çəkisi artan templə davam edir. Belə ki, 2016-cı ilin dövlət büdcəsində qeyri-neft sektorundan proqnozlaşdırılan gəlirlər 46,5 faiz təşkil edir. Cari ilin proqnozundan 11,8 faiz, 2014-cü ildən 12,5 faiz çoxdur.
Burada mən bir məsələni də qeyd etmək istəyirəm. Doğrudan da, büdcə zərfi çox mükəmməl, elmi-metodiki əsaslarla hazırlanmışdır. Yəni faktoqrafiyaya söykənmir, adi, sadə sözlər deyildir. 2016-cı ilin dövlət büdcəsi layihəsi hazırlanarkən bir sıra vacib faktorlar nəzərə alınmışdır. Bunlar, əsasən, ölkənin makroiqtisadi proqnoz göstəriciləri, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların büdcə sifarişləri və gözlənilən büdcə gəlirləri, həmçinin beynəlxalq aləmdə cərəyan edən iqtisadi hadisələrin nəticələri, eləcə də, xammal məhsullarının, xüsusilə də xam neftin satış qiymətinin 40–50 ABŞ dolları həddində olacağı ehtimalıdır.
2016-cı ildə qarşıda duran ümdə vəzifələr dövlətin müdafiə qabiliyyətini, iqtisadi, ərzaq və ekoloji təhlükəsizliyini təmin etmək, xarici resurslardan əldə edilmiş borc və öhdəlikləri yerinə yetirmək və ən əsası, qeyri-neft sektorunun inkişaf potensialını daha da təkmilləşdirməkdən ibarətdir.
Mən bir məqamı da qeyd etmək istəyirəm. Bayaq qeyd etdim ki, büdcə, doğrudan da, elmi-metodiki əsaslarla hazırlanmışdır. Buna görə aidiyyəti təşkilatlara, xüsusilə də maliyyə nazirinə, iqtisadi inkişaf və sənaye nazirinə öz minnətdarlığımı bildirirəm.
Bir neçə kəlmə də cəmiyyətimizin ən zərif nümayəndələri olan məcburi köçkün və qaçqınlar haqqında demək istəyirəm. Onların sosial şəraitinin yaxşılaşması üçün hörmətli Samir müəllim bir qədər də səy göstərsə, daha yaxşı olar. Dünən Elman müəllimin də çıxışına qulaq asdıq. İpoteka kreditinin həcminin əvvəlki illərlə müqayisədə artırılması və faizlərin aşağı salınması çox təqdirəlayiq bir məsələdir.
Onu da qeyd etmək lazımdır ki, bəzi Avropa ölkələri ilə müqayisədə bizim dövlət büdcəmiz asosial yox, sosial-yönümlü bir büdcədir. Mən təhsil sahəsində çalışan bir insan kimi demək istəyirəm ki, təhsildə yüksək səviyyədə islahatlar aparılır. Orada, xüsusilə də ali məktəblərdə professor-müəllim heyətinin hamısı eyni vəziyyətdə maaş alır. Təhsil nazirinin burada olmağından istifadə edib təklif edərdim ki, gələcəkdə bir layihə hazırlansın və bu məsələyə diferensial yanaşma olsun. Yaxşı işləyən, yüksək gös-təricilərə malik alimlər o birilərindən fərqləndirilsinlər. Mən bu büdcəni bəyənirəm və ona səs verəcəyəm. Diq-qətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, hörmətli hökumət üzvləri, hörmətli media nümayəndələri! Mən də həmkarlarımın büdcə zərfi haqqında söylədikləri bütün müsbət fikirlərə qoşuluram və hesab edirəm ki, bizə çox yüksək səviyyədə hazırlanmış bir sənəd təqdim olunubdur. Büdcə zərfi ildən-ilə daha da təkmilləşir.
Ümumiyyətlə, mən Azərbaycanın maliyyə sisteminin çox təkmil bir şəkildə qurulduğunu xüsusi qeyd etmək istəyirəm. Belə demək mümkünsə, Azərbaycanın maliyyə sistemi bu gün bir saat mexanizmi kimi fəaliyyət göstərir. Bu, real göstəricilərə əsaslanan, dünyada gedən prosesləri nəzərə alan büdcədir. Heç şübhəsiz ki, bu büdcənin icra olunması xalqımızı uğurlu bir irəliləyişə gətirib çıxaracaqdır.
Ölkəmizin uğurlu inkişafı hamımızın gözü önündədir. Azərbaycanın həm daxili, həm də xarici siyasəti yalnız və yalnız Azərbaycan xalqının mənafeyinə xidmət edir. Ölkədə böyük quruculuq işləri gedir. Demək olar ki, tarix boyu heç vaxt biz bu cür inkişafı müşahidə etməmişik. Qısa bir zaman kəsiyində inkişafda bu cür sıçrayışa nail olunması, Azərbaycanda böyük quruculuq işləri aparılması, əlbəttə ki, hamımızı valeh edir və biz bu işlərin başında duranlara uğurlar arzulayırıq.
Mən Bərdə rayonunu təmsil edirəm. Elə Bərdənin özündə nə qədər böyük dəyişikliklər olub, nə qədər yeni müəssisələr açılıbdır, nə qədər yeni qəsəbələr salınıbdır. Bərdənin 104 kəndinin 94-də qazlaşdırma işləri başa çatıbdır və bu çox böyük nailiyyətdir. Su təchizatı xeyli yaxşılaşdırılıbdır. Bərdədə hər il xüsusi proqram üzrə əlavə artezian quyuları işə salınır ki, insanlar da bundan çox məmnundurlar.
Mən xüsusi vurğulamaq istərdim ki, Prezidentimizin 12 oktyabr çıxışı bugünkü real vəziyyəti, mövcud problemləri nəzərə alan, səsləndirən proqram xarakterli bir çıxış idi. Mən inanıram ki, Prezidentimizin çıxışında qeyd olunan o problemlər tezliklə həllini tapacaq və Azərbaycan həm regionun, həm də dünyanın ən qabaqcıl, ən inkişaf etmiş ölkələrindən biri olacaqdır.
Mən öz təkliflərimi burada qısaca səsləndirmək istərdim. Mən imkan olanda uşaq evlərinə gedirəm, orada işçilər mənə əlil uşaqlarla bağlı danışdılar. Əlil uşaqları ora kimlər gətirir? Mənə dedilər ki, ailədə uşaq əlil olanda bəzən ata buna dözmür, çıxıb gedir. Qadın əlil uşaqla tək qalır. Analar bir neçə il mücadilə verirlər. Bilmirlər işə getsinlər, qalıb xəstə uşağa baxsınlar və sair. Onlar əlil uşağa baxdıqlarına görə dövlətdən müəyyən müavinət alırlar. Mənə deyirlər ki, bu azdır. Biz bu müavinətin məbləğini imkan olanda artırmalıyıq, çünki ora uşaqlar tənha anaların bir neçə illik mücadiləsindən sonra gətirilirlər. Bunları nəzərə almalıyıq.


Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Muxtar Babayev.
M.Babayev. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli hökumət nümayəndələri, hörmətli millət vəkilləri! Mən də bu müsbət fikirlərə qoşuluram. Təqdim olunmuş büdcə zərfini çox praqmatik və gələcək inkişafa hesablanmış bir sənəd kimi qiymətləndirmək olar. Ümumiyyətlə, neft gəlirlərinin azalması iqtisadiyyatımız üçün bir şansdır ki, biz daha səmərəli idarəetmə alətlərindən istifadə edə bilək, idarəetmə sistemini daha da təkmilləşdirək və qeyri-səmərəli investisiyalardan, qeyri-səmərəli sərmayələrdən hesablanmış və  xərclərini tez ödəyən layihələrə daha çox üz tutaq.
Ümumiyyətlə, burada qeyri-neft sektorundan çox danışıldı. Qeyri-neft sektoru inkişaf etməlidir və bunun artıq çox gözəl nümunələri var.  Sumqayıt şəhərində bu gün artıq bir neçə böyük texnoloji park fəaliyyət göstərir. Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənaye Parkı, tekstil, qida məhsulları müəssisələri buna misaldır. Hesab edirəm ki, çox gözəl təcrübə var. Əlbəttə, demək olmaz ki, bunların hamısı çox böyük mənfəətlə çalışır. Sözsüz ki, bəziləri, ola bilsin, planlaşdırılmış istehsalat həcminə hələ çıxa bilməyib. Amma onlar artıq mövcuddur, onların inkişafı vacibdir. Hesab edirəm ki, Sumqayıt kimi şəhərdə bu işi davam etdirmək vacibdir. Burada belə müəssisələrin yaradılması ilə paralel mütləq sosial infrastrukturun yeniləşməsi, təkmilləşdirilməsi lazımdır.
Sumqayıtın sosial infrastrukturunun təxminən əsas hissəsi 60–70-ci illərdə tikilibdir. Sözsüz ki, bunlar köhnəlibdir. Bu gün Sumqayıtda böyük miqrasiya prosesləri gedir. Rayonlardan xeyli insan iş üçün gəlir və Sumqayıtda iş var. Hazırda orada çalışan insanlar üçün bugünkü şərait  kifayət deyil, onların üzərində işləmək çox vacibdir.
Sumqayıtda 65 yataqxana var. Onların əksəriyyəti 60-cı illərdə tikilmiş və müvəqqəti yaşayış üçün nəzərdə tutul-muşdur. Onların istismar vaxtı bitib, bəziləri qəzalı vəziy-yətdədir. Başa düşürəm ki, bu gün yeni binaların tikintisini xahiş etmək düzgün olmaz, amma onların əsaslı təmirinə büdcəmizdən müəyyən vəsait ayrıla bilər.
Digər deyəcəyim məsələ istilik təchizatı ilə bağlıdır. Sumqayıtda digər regionlardan fərqli olaraq hündür mər-təbəli binalar çoxdur. Orada dizel yanacağından, odundan, kömürdən və sairdən istifadə etmək mümkün deyil, çünki yalnız istilik sistemləri mövcuddur. Təəssüflər olsun ki, respublika üzrə istilik sistemlərinə büdcədə bu il cəmi 18 milyon manat nəzərdə tutulub. Əlbəttə ki, bu vəsaitdən Sumqayıtın payına nə qədər düşəcək, onu deyə bilmərəm. Çox istərdim ki, hökumət üzvləri bu məsələyə bir daha baxsınlar.
Ümumiyyətlə, büdcə çox məsuliyyətli şəkildə tərtib edilibdir. Hesab edirəm ki, həm dövlət başçısının bizə ver-diyi istiqamətlər, həm də burada nazirlərimizin dedikləri gələn il bu büdcənin uğurla icra ediləcəyini göstərir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli həmkarlarım, çox hörmətli hökumət üzvləri! Möhtərəm Prezidentimizin dediyi kimi, biz dünyada hu-manitar, iqtisadi, siyasi sahələrdə ağır böhranın getdiyi bir dönəmdə belə bir büdcənin təqdimatını edirik. Mən də iki gündür parlamentdə gedən müzakirələr zamanı həmkar-larımın dedikləri bütün fikirlərə qoşuluram. Dünyada və bölgədə gedən prosesləri nəzərə alanda bu, həqiqətən, mükəmməl bir büdcədir.
Bu gün Azərbaycanı bir sıra ölkələrlə müqayisə edəndə nəyin şahidi oluruq? Avropa Birliyinə daxil olan ölkələrin bir çoxunda artıq “kəmər sıxma” əməliyyatları tətbiq olunur. Son illərdə bu ölkələrin, demək olar ki, əksəriyyəti vətəndaşların gəlir vergisinin artırılmasını əsas prioritet kimi qarşıya qoyurlar. Amma srağagün möhtərəm Prezi-dentimizin müşavirədə söylədiyi fikir hər birimiz üçün yol xəritəsi olmaqla bərabər, həm də büdcəmizdə olan rəqəm-lərin fəlsəfəsini, mahiyyətini bizə göstərdi. Möhtərəm Prezidentimiz bir daha qeyd etdi ki, bizim qarşıdakı illərdə  prioritetlərimiz nədir, gördüyümüz və görməli olduğumuz işlər hansılardır və cavabdeh şəxslər harada hansı imkanları, resursları qaçırmışlar. Biz möhtərəm Prezidentimizin çıxışına qulaq asdıqca Azərbaycanın dünyada gedən qlobal proseslərdən necə məharətlə, yüksək taktiki və  strateji gedişlə yan keçdiyinin şahidi oluruq.
Mən büdcə haqqında çox danışmaq istəmirəm. Sözsüz ki, biz buna səs verəcəyik. Mən burada Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə möhtərəm Prezidentimizə verilən beynəlxalq “Cənub-Cənub” mükafatını qeyd etmək istə-yirəm. Nəyə görə mən bu mükafatı qeyd edirəm? Minilliyin hədəfləri var. Bunlar 8 hədəfdir, hamıya da məlumdur. BMT-yə üzv dövlətlər də imperativ norma kimi bu hədəf-lərin həyata keçirilməsinə görə imza atmışlar. 1-ci maddə yoxsulluğun aradan qaldırılmasıdır. 10 il bundan qabaq Azərbaycanda yoxsulluğun səviyyəsi 40 faizdən yuxarı, az qala 50 faizə yaxın idi. Amma bu gün ölkəmizdə yoxsul-luğun səviyyəsi 5 faizdir. Bununla bərabər, 1 milyondan çox işsiz əhalinin məşğulluq problemi həll olunubdur. Bu çox böyük nailiyyətdir.
Eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən dünyada ibtidai təhsilin məcburi sayıldığı bir dönəmdə bizim ölkə-mizdə təhsilin bütün pillələrində nə qədər böyük nailiyyətlər əldə olunubdur.
Səhiyyə sahəsində ana ölümü, uşaq ölümü azalıb. 10 il bundan qabaq Azərbaycanda infeksion malyariya, dizen-teriya, difteriya xəstəlikləri epidemiya halında idi. Amma bu sahədə də Azərbaycan çox böyük nailiyyət əldə etmişdir.
Azərbaycanın qeyd olunan nailiyyətlərindən biri olan qlobal tərəfdaşlıq yüksək qiymətləndirilib. Həqiqətən də, Azərbaycan Təhlükəsizlik Şurasında qazandığı 155 səsin əsasında dövlətimizin başçısının Afrika, Asiya – dünyanın bütün qitələrində apardığı ikitərəfli və çoxtərəfli şəffaf, etibarlı tərəfdaşlıq göz önündədir.
Ətraf mühitin qorunması, ərzaq probleminin həlli ilə bağlı ölkəmizdə çox böyük nailiyyətlər əldə olunubdur. Ona görə hesab edirəm ki, bu mükafat, ölkəmizdə əldə olunan nailiyyətlər də məhz büdcəmizin qeyd olunan rəqəmlərinin arxasında duran qiymətdir, dəyərdir. Mən qarşıdakı illərdə vacib prioritetləri əhatə edən büdcə layihəsinə görə hörmətli Baş nazirə, hökumət üzvlərinə, eləcə də maliyyə nazirinə öz təşəkkürümü bildirirəm.
Sonda bu günə qədər Şəmkir rayonu ilə bağlı qaldırdığım bütün məsələlərdə mənə dəstək verdiyinizə və son günlərdə Çənlibel və Düyərli kəndlərinin məktəb problemlərini nə-zərə aldığınıza görə hər birinizə təşəkkür edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sevinc Fətəliyeva.
S.Fətəliyeva. Hörmətli cənab Sədr, hörmətli hökumət nümayəndələri, hörmətli həmkarlar!  Dünya mürəkkəb  bir dövr yaşayır. Müxtəlif regionlarda gedən münaqişələr, müharibələr, terrorizmin yayılması və sair dövlətlərin həm siyasi, həm də  iqtisadi vəziyyətlərinə təsir edir. Siyasi pro-seslər dünya iqtisadiyyatına mənfi təsir edərək dövlətlərdə stabilliyi pozur, əhalinin narahatlığına səbəb olur. Avropada hökm sürən siyasi və iqtisadi böhranın fəsadlarını bu gün regionumuzda da müşahidə edə bilərik. Bunlara baxmayaraq, bütün bu proseslərin Azərbaycan iqtisadiyyatına təsirinin qarşısını alaraq və insan amilini dövlət siyasətinin əsas prioriteti kimi dəyərləndirərək dövlətimiz bu mübarizədən minimal itkilərlə çıxdı. Möhtərəm cənab Prezident İlham Əliyevin apardığı praqmatik siyasət, xərclərin və gəlirlərin düzgün planlaşdırılması, qeyri-neft sektorunun inkişafı buna zəmin yaratdı.
Həmkarlarımla həmrəy olaraq qeyd etmək istərdim ki, qlobal iqtisadi böhran şəraitində hazırlanmış 2016-cı ilin dövlət büdcəsi sosial yönümlüdür və xalqın rifahının artmasına istiqamətlənib. Həyata keçirilən sosial proqramlar bütün sahələri əhatə edir. Təhsil və səhiyyə sahəsində baş verən islahatlar və inkişaf yalnız və yalnız xalqın yaşayışının yaxşılaşdırılmasına yönəldilib.
Nazirlər Kabinetinin iclasında ölkə başçısı ölkənin maliyyə və iqtisadi durumunu təhlil edərək qarşıda duran vəzifələri və hədəfləri müəyyənləşdirdi. Onların hamısı 2016-cı ilin büdcə layihəsində öz əksini tapır.
Bugünkü müzakirənin mövzusunu nəzərə alaraq millət vəkili seçildiyim  dairənin sakinlərinin müraciətləri əsasında bir neçə məsələni diqqətinizə çatdırmaq istərdim. Regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər hər bir rayon sakininin ürəyincədir. Bu inkişaf Suraxanı rayonundan da yan keçməyib. Lakin hələ də müəyyən problemlər var. Belə ki, qaldıracağım məsələləri rayonun öz maliyyə imkanları ilə həll etmək mümkün deyil. Bu məsələlər üçün ayrıca vəsaitə ehtiyac vardır. Mən də fürsətdən istifadə edib bu məsələlərin həllinə dəstək verməyinizi xahiş edirəm.
Birinci deyəcəyim məsələ Zığ qəsəbəsi və Hövsan kən-dində  kanalizasiya xətlərinin çəkilməsi ilə bağlıdır. Hövsan qəsəbəsində  su problemi həll olunsa da, Zığda və Hövsan kəndində bu məsələ hələ də əhalini narahat edir və müraciətlərin əksər hissəsini təşkil edir.
İkinci məsələ hər iki qəsəbədə əsas yolların asfalt örtü-yünün yararsız vəziyyətdə olması ilə əlaqədardır. 50 minə yaxın əhalisi olan Hövsan qəsəbəsində 1967-ci ildə istifa-dəyə verilən mədəniyyət sarayı hazırda yararsız vəziyyət-dədir. Qəsəbə gənclərinin asudə vaxtının səmərəli keçiril-məsi üçün önəm daşıyan bu mədəniyyət evinin və yuxarıda qeyd etdiyim məsələlərin həlli üçün  maliyyənin ayrıla-cağına ümid edirəm.
Digər bir məsələni də burada qeyd etmək istərdim. Son zamanlar mətbuatda uşaqlara qarşı zorakılıq hadisələrini, uşaq intiharları haqqında məlumatları izləyirik. Dövlət tərəfindən uşaqların xoşbəxt və firavan yaşaması üçün hər cür şərait yaradılsa da, hələ də bəzi məsələlərin həllinə ehtiyac var. Ailələr və xüsusilə uşaq və yeniyetmələr üçün psixoloji reabilitasiya mərkəzlərinin yaradılması çox önəmlidir. Həmin mərkəzlərdə valideynlər və uşaqlar birgə və ya fərdi şəkildə psixoloji məsləhətlər ala bilərlər. Bu mərkəzlər Avropanın bir sıra ölkələrində fəaliyyət göstərir və yaxşı olardı ki,  Azərbaycanda da belə mərkəzlərin açılması üçün maliyyə vəsaiti ayrılsın. Həmçinin xüsusi tələbatları olan uşaqlar üçün ölkə üzrə müalicə pedaqoji mərkəzlərinin açılması çox böyük önəm daşıyır. Belə mərkəzlərdə əlil uşaqlar pedaqoji kömək və müəyyən müalicə də əldə edə bilərlər. Xahiş edirəm, bu məsələlərə diqqət yetirəsiniz. Bütün həmkarlarımı büdcə layihəsinə səs verməyə çağırıram.  Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov. Sağ olun. Çox hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, media nümayəndələri!  Biz artıq bir həftədir ki, 2016-cı ilin büdcə zərfini müzakirə edirik. Komitələrdə də çox əhatəli müzakirə aparılmışdı. Nəticədə, əsasən, belə bir fikir formalaşdı ki, dünyada iqtisadi qeyri-stabilliyin hökm sürdüyü, neftin qiymətinin kəskin ucuzlaşdığı bir vaxtda ölkəmizdə sosial yönümlü bir büd-cənin hazırlanması təqdirəlayiqdir. Bu, ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinə diqqət və qayğısının nəticəsidir. Çox təqdirəlayiq haldır ki, sosial sahələrə ayrılmış vəsaitin xüsusi çəkisi nəinki azalıb, hətta artıbdır.
Mən xüsusilə səhiyyə və təhsilə ayrılan vəsaiti qeyd etmək istəyirəm. 2016-cı ilin büdcəsində səhiyyəyə ayrılan vəsait imkan verəcək ki, bu sahədə uğurlu islahatlar həyata keçirək, səhiyyənin maddi-texniki bazasının möhkəmlən-dirilməsində və yüksək ixtisaslı həkim kadrların hazırlan-masında daha qətiyyətli addımlar ataq.  
Çox təqdirəlayiq haldır ki,  səhiyyə sahəsində məqsəd-yönlü proqramlar üçün ayrılmış vəsaitin yenə yüksək səviyyədə qalması onların uğurla həyata keçirilməsinə kömək edəcəkdir. Bu proqramlar, əsasən, əhali arasında böyük tələfat verən xəstəliklərin müalicəsinə və profilaktikasına yönəldilmişdir. Bu proqramlar barəsində burada çox danışılıb. Hər il onların sayı artır və bu, gələcəkdə səhiyyəmizin əhalinin sağlamlığının qorunmasına yönəldilmiş məqsədyönlü siyasətinin daha da inkişaf etməsinə kömək edəcəkdir.
Bir məsələni də mən burada xüsusi vurğulamaq istəyirəm. 2015-ci ildə əhalinin və xəstəxanaların mərkəzləşdirilmiş dərman təchizatı barəsində qəbul olunmuş qərarlar bu gün öz gözəl nəticəsini verir. Bunun sayəsində bu gün əhalinin dərman təchizatında olan pərakəndəlik aradan qaldırılıb, alınan və əhaliyə verilən dərman preparatlarının keyfiyyəti xeyli yaxşılaşıb. Mən böyük qürurla qeyd etmək istəyirəm ki, bu gün Avropada, Amerikada həyata keçirilən elə bir mürəkkəb cərrahiyyə əməliyyatı yoxdur ki, bizdə həyata keçirilməsin. Bu gün səhiyyəmizin həm maddi-texniki bazası, həm də kadr potensialı buna imkan verir, amma bu barədə geniş danışmaq imkanım yoxdur.
Çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, dərmanlar haqqında dediyim müsbət sözləri xəstələrimizin qida təchizatı haqqında demək mümkün deyil. Mən komitənin iclasında qeyd etdim və çox hörmətli maliyyə naziri Samir Şərifov da buna öz müsbət münasibətini bildirdi. Bu gün qida məhsullarının qiymətinin artmasını nəzərə alsaq, ayrılan vəsait çox azdır, kifayət etmir. Buna nəzər yetirmək lazımdır.
Koxlear implantlar barəsində burada çox danışıldı. Bu istiqamətdə artıq müəyyən addımlar atılıbdır. Səhiyyə Nazirliyi öz vəsaiti hesabına xeyli implant sifariş edibdir. Heydər Əliyev Fondu bu istiqamətdə müəyyən işlər görüb. Ancaq Maliyyə Nazirliyindən xahişim budur ki, bu istiqamətdə məqsədyönlü vəsait ayrılmasına diqqəti artırsın. Bu, ildə 180–200 xəstəni əhatə edir.
Mən də hesab edirəm ki, büdcəmiz çox akademik, çox peşəkarlıqla hazırlanmışdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Abel Məhərrəmov.
A.Məhərrəmov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar, hörmətli media nümayəndələri! Deyildiyi kimi, artıq ikinci gündür ki, plenar iclasda büdcə zərfi müzakirə edilir. Hörmətli Oqtay müəllim, istər Sizin giriş nitqinizdə, istərsə də dövlətin ali strukturlarının rəhbərlərinin və millət vəkillərinin çıxış-larında mən bir paralellik gördüm. Bir ziyalı kimi bunu hökmən qeyd etmək istəyirəm. Sonra öz təkliflərimə keçəcəyəm.
Paralellik nədən ibarətdir? 2016-cı ilin büdcəsinin maliyyəsi qismən aşağı olmasına baxmayaraq, çıxış edən-lərin hamısı milli təəssübkeşliklə, milli düşüncə ilə gözəl təkliflər verdilər, gözəl paralellər apardılar. Mən buna görə bütün çıxış edənlərə öz təşəkkürümü bildirirəm. Bu nəyi göstərir? Bu onu göstərir ki, artıq Azərbaycanda milli birlik var. İş çətin olanda, büdcənin maliyyəsi bir az aşağı düşəndə hamımız çəkici bir yerə vura bilirik. Bu da bizim milli birliyimizdən, milli təəssübkeşliyimizdən xəbər verir. Mən bunu ümummilli liderimizin tarixi xidmətləri və xalqla prezidentin birliyi ilə bağlamaq istəyirəm. Bir də qayıdıram o fikrə ki, bəli, artıq Azərbaycanda milli birlik bərqərar olub.
İndi bir neçə kəlmə büdcə haqqında demək istəyirəm. Təbii ki, büdcə layihəsi bütün milli maraqları özündə əks etdirir. İstər milli təhlükəsizliyin qorunması, istər hərbi qüdrətimizin möhkəmləndirilməsi istiqamətində, istərsə də sosialyönümlü məsələlərdə büdcə, doğrudan da, özünü təsdiqləyir və bizə tam əminlik verir ki, 2016-cı ildə böyük uğurlar əldə edəcəyik. Mən bura gələndə müqayisə elədim ki, 2016-cı ilin büdcəsi hansı ilin büdcəsi ilə üst-üstə düşür. Baxdım, 2012-ci ilin büdcəsi ilə təqribən üst-üstə düşür. Sual olunur ki, 2012-ci ildə hansı uğurlarımız olub? Çox-saylı uğurlarımız var. Təkcə onu demək kifayətdir ki, 2012-ci ildə dünyada 200 dövlət arasında 11-ci dövlət olaraq süni peykimizi orbitə çıxara bildik. Mən əminəm ki, həmin məbləğ çərçivəsində biz 2016-cı ildə böyük uğurlar əldə edəcəyik.
Əlbəttə, bu uğurları şifahi şəkildə demək bəs eləmir. Burada elm, təhsil işçilərinin üzərinə də böyük məsuliyyət düşür. Biz bu işə daha məsuliyyətlə yanaşmalıyıq, arxayın olmamalıyıq. Biz yalnız büdcədən ayrılan vəsait hesabına özümüzün gələcək işlərini planlaşdırmamalıyıq, islahatlar aparmalıyıq. Məsələn, beynəlxalq proqramlardan, qrantlar-dan xüsusi maliyyə əldə etməliyik. Bir misal göstərim. Bakı Dövlət Universitetində hər il 65 beynəlxalq proqram, qrant layihəsi üzərində işlənilir ki, bunun da illik gəliri 5–7 milyon dollar arasındadır. Yəni universitet təkcə bu ayrılan maliyyə ilə kifayətlənmir, özü də öz elmi təhqiqatlarının nəticələri hesabına müvafiq maliyyələr əldə edə bilir. Yəni daha dərindən düşünməli, daha dərindən islahatlar aparmalıyıq.
Mən büdcə layihəsinə səs verəcəyəm. Hörmətli Samir müəllimin rəhbərliyi ilə bu büdcə zərfi çox gözəl hazırlanıb. Bütün məsələlər nazirliklərlə, dövlətin strukturları ilə əlaqələndirilib. Yəni belə düşünülməsin ki, bu sənəd bir nazirliyin məhsuludur. Bu böyük zəhmətin hesabına ortaya qoyulan böyük bir tarixi sənəddir.
Mənim təkliflərim var, vaxtın azlığını nəzərə alaraq, onları qısa şəkildə diqqətinizə çatdırmaq istəyirəm. Əgər biz gələcəkdə daha dinamik inkişaf etmək istəyiriksə, hökmən Azərbaycanda neft-kimya sənayesi inkişaf etdirilməlidir.
İkinci, ali təhsil müəssisələrində çalışan alimlərin apardığı tədqiqat işləri hökmən maliyyələşdirilməlidir. Bu, Azərbaycan Milli Elmlər Akademiyasında aparılır, ancaq ali təhsil müəssisələrində maliyyələşmə getmir. Başqa təkliflərim də var, onları təqdim edəcəm. Büdcə layihəsinə səs verəcəm və həmkarlarımı da ona səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Şəmsəddin Hacıyev.
Ş.Hacıyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Doğrudan da, dövlət büdcəsi zərfinə daxil olan bütün sənədlər burada qeyd olunduğu kimi, çox yüksək səviyyədə hazırlanıb. Hörmətli Sədr, Sizə məlum olduğu kimi, 6 komitənin birgə iclasında büdcə layihəsini ətraflı müzakirə elədik. Dünən Samir müəllimin, Şahin müəllimin və Elman müəllimin məru-zələrini dinlədik. Hərtərəfli şəkildə büdcənin gəlirləri, xərcləri, hazırlanma prosesi, dünyada formalaşmış situasiya, onun Azərbaycana təsiri və sair burada qeyd olundu. Bizə də 5 dəqiqə ayrılıb. Yəqin ki, biz öz təkliflərimizi yazılı surətdə verəcəyik. Amma bir daha təkrar edirəm ki, büdcə zərfi çox mükəmməl, elmi cəhətdən əsaslandırılmış bir sənəddir. Bu gün dünya iqtisadiyyatında, eləcə də Azərbaycanda mövcud olan iqtisadi vəziyyət, reallıqlar nəzərə alınıb. Eyni zamanda, büdcə layihəsi son 3 il üçün müəyyənləşdirilmiş proqnozlara görə əsaslandırılıb. Təbii ki, büdcə layihəsinin hazırlanmasında ilk növbədə “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasında qarşıya qoyulan hədəflər nəzərdə tutulub. Çox istərdim ki, proqnozlar 20-ci ili də əhatə etmiş olsun, çünki biz indidən 20-ci ildə hansı hədəflərə nail olacağımızı, hansı trayektoriyalara çıxdığımızı əvvəlcədən görə bilərdik.
Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan dünyanın tərkib hissəsidir, iqtisadiyyatımız dünya iqtisadiyyatına yetərincə inteqrasiya olunmuşdur. İqtisadi inkişafımız xarici amillərdən, demək olar ki, birbaşa asılıdır. Son iki il ərzində neft bazarında baş verən proseslər, təbii ki, Azərbaycan iqtisadiyyatına çox ciddi təsir göstərib. Deyərdim ki, şok sindromu yaradıb.
İkinci xarici amil. Yerləşdiyimiz regionda milli valyu-taların məzənnəsinin aşağı enməsi bizi məcbur etdi ki, devalvasiyaya gedək. Bu da Azərbaycan iqtisadiyyatı üçün çox ciddi, xoşa gəlməyən vəziyyət yaratdı. Nəticədə nə baş verdi? Nəticədə bizim həm nominal qiymətdə ümumi daxili məhsulumuz, həm də büdcənin gəlirləri, xərcləri azaldı. Bəzi opponentlərimiz bunu Azərbaycan iqtisadiyyatında tənəzzülün, geriliyin başladığı kimi qələmə verməyə çalışırlar. Amma qətiyyən belə deyil və bununla razılaşmaq mümkün deyil. Bu obyektiv surətdə baş verən proseslərin nəticəsidir. Biz əminik ki, dünya iqtisadiyyatında baş verən bu qeyri-müəyyənlik bir-iki il ərzində əvvəlki vəziyyətə qayıdacaq və Azərbaycan iqtisadiyyatı həmişə olduğu kimi, yenə də öz dinamik inkişafını davam etdirəcək.
Bu gün Azərbaycanda həm iqtisadi, həm də siyasi cəhətdən çox ciddi sabitlik hökm sürür. Bu, təbii ki, bir gündə yaradılmış proses deyil. Bu, proseslərin müşahidə edilərək əvvəlcədən qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində baş verib. Bu gün Azərbaycanda, demək olar ki, yeni məzmunlu iqtisadiyyat formalaşıb. Bu iqtisadiyyat bizim neftdən asılılığımızı minimum səviyyəyə endirəcək, qeyri-neft sektorunun rolunu artıracaq və iqtisadiyyatın şaxələnməsini genişləndirəcəkdir.
Bir neçə kəlmə də büdcənin sosialyönümlüyü barəsində demək istəyirəm. Büdcəmiz sosialyönümlüyünü saxlayıb. Hərbi xərclərimiz, elmə, təhsilə ayrılan vəsaitin miqdarı artıb. Bütün bunlar onu göstərir ki, əvvəlki dövrdə yaranan meyllər davam edir. Bu cür büdcənin qəbul olunması...
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Mən də həmkarlarımın fikirlərinə qoşularaq büdcənin hazırlan-masında zəhməti olan hər bir kəsə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm və deputat həmkarlarımı bu büdcəyə səs verməyə çağırıram. Bir neçə gün öncə cənab Prezidentin 9 ayın yekunları ilə əlaqədar geniş, əhatəli çıxışı barədə burada dəfələrlə qeyd olundu. Elə bu, büdcənin birbaşa səsə qoyulub qəbul olunmasına kifayət edərdi. Cənab Prezident həm dünyada, həm ölkədə gedən hadisələri, həm də beynəlxalq vəziyyəti o qədər geniş, əhatəli şəkildə şərh edib ki, mən hesab edirəm, bu müzakirələrə artıq ehtiyac qalmayıb. Büdcənin gələcəkdə formalaşması və hansı istiqamətlərə xərclənməsi, iqtisadiyyatımızın hansı sferalarına diqqət yetirilməsi, neftin qiyməti və ümumiyyətlə, ictimaiyyəti maraqlandıran bütün məsələlərə ölkə başçısı öz münasibətini bildirdi. Cənab Prezidentin bu münasibətindən sonra mən əlavə bir fikir söyləmək istəmirəm, çünki bütün ictimaiyyət bunu eşitdi və gördü.
Bir məsələyə toxunmaq istəyirəm. Büdcəmizdə müdafiə xərcləri artırılıbdır. Dünyada bu saat ən vacib olan şərtlərdən biri təhlükəsizlik və müdafiə məsələsidir. Mən hesab edirəm ki, o sahəyə diqqət bir az artırılsa, daha məqsədəuyğun olar. Bilirsiniz ki, ətrafımızda baş verən hadisələrin, təhdidlərin qarşısının alınması üçün Azərbaycan hüquq mühafizə orqanları cidd-cəhdlə çalışırlar. Prezidentimizin rəhbərliyi altında bu gün Azərbaycanda çox böyük ictimai sabitlik var. Azərbaycan bir sabitlik adasıdır. Bunun daha da möhkəmlənməsi üçün büdcədən bu sahələrə bir az da vəsait ayrılmasına ehtiyac var.
Oqtay müəllim, burada iştirak eləyənlərin çoxu depu-tatlığa namizəddir. Ona görə fikirlərimizi Seçki Məcəlləsinin tələblərinə uyğun söyləməliyik ki, sonradan hər hansı bir problem yaranmasın. O baxımdan mən təklif edirəm, müzakirələri dayandıraq. Hökumətə imkan yaradaq ki, büdcə zərfini bir də nəzərdən keçirsin və ayın 20-də onu qəbul edək. Təşəkkür edirəm.
Sədrlik edən. İmkan yaradaq ki, Bahar xanım da təklifini desin, ondan sonra baxarıq. Buyurun.
B.Muradova. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Biz artıq neçə gündür ki, büdcə ətrafında müzakirələr, təhlillər aparırıq. Hər kəs həm ümumi, həm də bölgə xarakterli məsələləri gündəmə gətirir və mövcud reallıqları nəzərə alaraq problemlərin həlli istiqamətində təkliflər verir. Mən hesab edirəm ki, ən ciddi təhlil, hərtərəfli analiz, əlbəttə ki, cənab Prezident tərəfindən hökumətin iclasında edildi. Bu təhlil, analiz həm beynəlxalq miqyası, həm də Azərbaycanın yerləşdiyi bölgəni əhatə etdiyi üçün hesab edirəm ki, bizim bununla bağlı əlavə fikirlərimiz bu təhlili daha da möhkəmləndirməyə xidmət edir.
Əlbəttə ki, bunlar cənab Prezidentin təhlillərinin içərisində aparıcı yer tutan bir sıra narahatedici məqamlarla bağlı idi. Onların bəzilərinin obyektiv və subyektiv səbəbləri qeyd olunsa da, bir sıra suallar da meydana gəldi və cənab Prezident bu sualları ünvanladı. Bu suallar, təbii ki, bizi də narahat edir və biz də onların cavabının tapılmasında maraqlıyıq. Eyni zamanda, biz də müəyyən təkliflər verməliyik ki, bu sualların cavabları aydın və dəqiq olsun.
Mənim maliyyə və iqtisadi qurumların rəhbərlərinə problemli kreditlərlə, bir də orta və kiçik sahibkarlıq sub-yektlərinin, iş yerlərinin bağlanması ilə əlaqədar sualım var. Bu böyük miqyaslı, milyonluq,  çoxmilyonluq kreditlərlə bağlı işi sizin öhdənizə buraxıram, yəni onunla bağlı izahatınız bizi qane edəcək. Amma bu orta və kiçik sahibkarlıqla bağlı məsələ, həqiqətən, ciddi məsələdir və cənab Prezident tərəfindən də mövcud durumdan çıxmaq üçün prioritet istiqamətlərdən biri kimi göstərilir. Çünki orta təbəqə mövcud olmadan biz nə o milyonları qazana bilərik, nə də qazanılan milyonları qoruyub artıra bilərik. Ona görə də məni bu sahibkarlığa yardım xətti ilə verilən kreditlərin taleyi narahat edir.
Bilirsiniz ki, bu, regionların inkişafı proqramı çərçi-vəsində daha çox verilir. Regionlarda çoxsaylı obyektlər açılır və insanlar da sevinə-sevinə orada işə başlayırlar. Amma bir neçə aydan sonra onlar bir-birinin ardınca bağlanır. İndi, doğrudur, biz belə bir arqument səsləndiririk ki, bunlar manatın məzənnəsi və dünyada gedən proseslər, neftin qiymətinin düşməsi ilə bağlıdır və sair. Mən düşünmürəm ki, bu məsələlərin hər biri üçün bu arqumentlər keçərlidir. Ümumi vəziyyət üçün keçərlidir, amma bəzən konkret hallarda bunlardan asılı olmur, başqa səbəblərlə bağlı olur. Mən, əlbəttə ki, səbəblər üzərində çox dayanmadan çıxış yollarının aranmasının tərəfdarıyam. Düşünürəm ki, sosial məsələ prioritet olduğuna və yeritdiyimiz siyasətin mərkəzində insan amili dayandığına görə atdığımız addımlar da ilk növbədə onun  vəziyyətinə təsir etməlidir.
Biz necə edə bilərik ki, orta və kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinin davam etdirilməsinə nail olaq? Hər il hökumət tərəfindən müəyyən vəsait ayrılır, yeni subyektlər yaradılır, yeni-yeni layihələr maliyyələşdirilir. Belə etmək olmazmı ki, zamanında yaranmış, müəyyən maddi-texniki imkanları, kadr potensialı, avadanlıqları, təcrübəsi olan bağlanmış subyektlərin fəaliyyətinin davam etdirilməsi üçün müəyyən işlər görülsün? Yəni mən düşünürəm ki, yeni layihələri maliyyələşdirməyə və yaxud yeni istehsalat sahələri açmağa ehtiyac yoxdur. Biz sahibkarlığa yardım istiqamətində dövlətin bax bu büdcədə nəzərdə tutduğu vəsaiti elə həmin qurumun verdiyi problemli kreditlərin xilas olunmasına yönəldə bilmərikmi? Bununla da o işçilərin iş yerləri qorunub saxlanar, bağlanmış iş yerləri açılar, buraxılmış səhvlər bir araşdırılar, təhlil edilər və bir etibarlı dövlət–biznes qurumları münasibətləri formalaşa bilər.
Hesab edirəm ki, bu suala qarşımızdakı iclasımızda cavab verilsə, çox yaxşı olardı. Hər halda bununla bağlı düşünməyə ehtiyac görürəm. Borcların restrukturlaşdırılması məsələsinə xüsusi diqqət yetirmək və mövcud durumda daha az maliyyə vəsaiti qoymaqla daha ciddi nəticələr əldə etmək üçün yollar  aramağa, mənə elə gəlir ki, ehtiyac vardır.
İkinci bir məsələni vurğulamaq istəyirəm. Bu, doğrudur, bölgə xarakteri daşıya bilər. Ziyad müəllim müzakirənin əvvəlində söylədi ki, xahiş edirəm, ümumi məsələlərdən danışın. Amma mənim təmsil etdiyim rayon təmas xəttinə yaxın olduğu və qaldırdığım məsələ də qaçqınların və köçkünlərin vəziyyətinə aid olduğu üçün bu, ümumi xarak-ter daşıyır, siyasi, iqtisadi, sosial və bütün mənalarda prior-itet istiqamətlər təşkil edir.
Füzuli rayonu ərazisində, ümumiyyətlə, respublikada mövcud olan son fin şəhərciyi var. Bu 20 ildən artıqdır ki, istifadə olunur. 2014-cü ilin əvvəlində bu, plana salınmışdı, dövlət proqramına daxil edilmişdi. Bunun smeta sənədləri hazırdır, torpaq ayrılıb və hər gün insanlar bu qəsəbənin tikintisini gözləyirlər. Orada vəziyyətin ağır, dözülməz olduğunu söyləməyə mən ehtiyac duymuram, çünki bu qəsəbələrin çadır şəhərciklərindən heç bir fərqi yoxdur.
Mən son illərdə qaçqın və köçkünlərin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı yeritdiyi siyasətə görə cənab Pre-zidentə çox təşəkkür edirəm. İndi seçki dönəmidir, Siyavuş müəllim, sizin narazılığınıza səbəb olsa da, bunu deməli-yəm, çünki hər addımda seçicilər bizim qarşımızda bu məsələni qaldırırlar. Soruşurlar ki, regionda bu qədər böyük işlər görülməsinə rəğmən niyə bu qəsəbədəki iş başlamır? Bir qisminin vəziyyəti çox yaxşıdır, bir qisminin vəziyyəti isə çox pisdir. Ona görə də hesab edirəm, bu, təmas xəttində çox ciddi problemlər yaradır və insanların da narahatlığına səbəb olur. Özü də cənab Prezidentin bu məsələ ilə bağlı mövqeyi də ortadadır və qaçqın və köçkünlərin vəziyyəti ilk növbədə yaxşılaşdırması vacib olan kateqoriyaya aiddir.
Mən hörmətli Baş nazirimiz Artur Rasizadəyə öz təşəkkürümü bildirmək istəyirəm. Mən bu məsələ ilə bağlı ona rəsmi müraciət etdim və son günlərdə iki dəfə onun qəbulunda oldum. Çox sağ olsun, bu il imkan olmadığını nəzərə alaraq o, müvafiq qurumlara tapşırıq verib ki, bu qəsəbədə işlərin başlanması üçün hökumətin Ehtiyat Fon-dundan milyon yarım vəsait ayrılsın. Bilirəm ki, o sənəd, Samir müəllim, Sizin qurumdadır. Sizdən çox xahiş edirəm ki, Artur Rasizadənin bu tapşırığının daha çevik və daha operativ həyata keçirilməsi istiqamətində öz üzərinizə düşən vəzifəni yerinə yetirəsiniz. Deyim ki, bütün seçicilərin artıq bundan məlumatı var və onlar əvvəlcədən hələ görülməmiş iş üçün Sizə öz təşəkkürlərini bildirirlər. Mən inanıram ki, Siz, əsil mənada, real işin nəticəsindəki təşəkkürləri eşitmək üçün çox tələsirsiniz və mən də Sizi bunun üçün tələsməyə çağırıram və hesab edirəm ki, bu barədə qərar sabahkı müzakirənizdə veriləcəkdir. Bununla əlaqədar Sizin mövqeyinizdən də çox şey asılıdır. Bunu qaçqın və köçkünlərin məişət şəraitinin yaxşılaşdırılmasına ayrılan vəsait çərçivəsində etmək olar. Əlavə vəsait istəmədən bunu prioritet istiqamət kimi önə çıxarmaq kifayət edir.
Mən də Siyavuş müəllimin söylədiyi fikirlərə qoşuluram ki, cənab Sədr, biz bu məsələləri kifayət qədər müzakirə etdik və bunu yekunlaşdırıb qarşıdakı 6 məsələnin müza-kirəsinə keçə bilərik. Müzakirəni kəsməyi təklif edirəm və hər birinizi 2016-cı ildə Azərbaycanın inkişafı mövcud reallıqlar nəzərə alınmaqla planlaşdırılan bu sənədin həyata vəsiqə almasına “hə” deməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən də bu təkliflə razıyam. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda belə edək. Bir çoxumuz seçki kampaniyasında iştirak edirik. Ona görə də əvvəlki illərdən fərqli olaraq hökumətə 10 gün yox, 6 gün vaxt verək. İnanıram ki, onlar bu müddət ərzində burada qaldırılan məsələlərə baxa biləcəklər. Ayın 20-də artıq büdcəni səsverməyə qoyacağıq.
Əgər başqa təklif yoxdursa, gündəliyin ikinci məsələsinə keçək. Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında qanun layihəsidir. Hadi Rəcəbli, buyurun.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Çox hörmətli Oqtay müəllim, dəyərli hökumət üzvləri, hörmətli deputat həmkarlarım, xanımlar və cənablar! Parla-mentarizm ənənələrinə görə hər yerdə payız sessiyaları, əsasən, büdcə müzakirələrinə həsr olunur və burada ölkələrin qarşıdakı il üçün ali maliyyə qanunları qəbul edilir. Dünyada baş verən qlobal proseslər fonunda neftin qiymətinin aşağı düşməsi, sosial və iqtisadi kataklizmlər, müharibələr və digər səbəblər nəticəsində maliyyə böhranının böyüklü-kiçikli bütün ölkələrdə tüğyan etməsinə, özünü sosial-iqtisadi tənəzzüldə göstərməsinə baxmayaraq, Azərbaycanın sosial həyatında, əhali ilə bağlı bütün məsələlərdə, əsasən, bu ağrılı proseslər hiss olunmur.
Şərqi Avropa ölkələrinin, demək olar ki, hamısında – Yunanıstanda, möhtəşəm dövlətlərdən biri olan Fransada populist sosial siyasətin süqutu, sosial müdafiədə və təminatda xərclərin dondurulması, kəskin ixtisar, işsizlik, pensiya yaşının artırılması, ödənişlərin azalması və digər ciddi problemlərin yaranması hər birimizi dərindən düşünməyə vadar edir. İki həftədir ki, komitə və parlament iclaslarındakı debatlar əksinə, Azərbaycandakı makroiqtisadi sabitliyin qorunması istiqamətində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı ölçülü-biçili,  ardıcıl siyasətin uğurlarını komparativ təhlil, tutarlı rəqəmlərlə bir daha bariz şəkildə sübut etdi.
Hörmətli deputat həmkarlarım, gələn il üçün bu hədəflərə xidmət edən Dövlət Sosial Müdafiə Fondunun büdcəsini təqdim etmək üçün çıxışa hazırlaşarkən son illərin bir sıra sənədlərini, büdcə materiallarını yenidən nəzərdən keçirdim. Bu mənə bir daha əsas verdi deyəm ki, sosial müdafiənin İlham Əliyev modeli uzaqgörən, təmkinli, stabilliyə xidmət edən, ardıcıl və dinamikdir. Bizim təcrübə artıq onlarca dünya dövləti üçün örnək olur, beynəlxalq təşkilatlar tərəfindən maraqla öyrənilir və tətbiq edilir. Sevindirici haldır ki, Sığorta fondunda elektron hökumət ideyasının gerçəkləşməsi istiqamətində ardıcıl addımlar atılmış, ödənişlərin bankomatlarla paylanması prosesi artıq başa çatmış, ölkə əhalisinin təxminən 45 faizinin burada məlumat bazası yaradılmış, məmur–vətəndaş təması, demək olar ki, aradan qaldırılmışdır.
Hörmətli deputat həmkarlarım, sizə paylanan layihədə gələn il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin mədaxil hissəsi 3 milyard 79 milyon manat təşkil edir. 2016-cı ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 64 faizinin və ya 1 milyard 972 milyon 200 min manatının sosial sığorta yığımları hesabına təmin ediləcəyi proqnozlaşdırılır. Onu da vurğulamaq vacibdir ki, sosial sığorta haqları üzrə daxilolmaların 1 milyard 325 milyon 740 min manatı qeyri-büdcə təşkilatlarının payına düşür ki, bu da əvvəlki illərdə olduğundan  1,8 dəfə çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun özünü tamamilə maliy-yələşdirmək istiqamətindəki uğurlu işlərinin bir göstəricisi də ölkə büdcəsindən ayırmaların artıq 4 ildir ki, dəyiş-məməsidir. Bu rəqəm transfert olaraq 1 milyard 100 milyon manat təşkil edir. Transfert göstəricisi Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin nisbətində 35,7 faiz təşkil edir. Bu rəqəm 2012-ci ildə 42 faiz idi. Sevindirici haldır ki, yığımın sahibkarlıq fəaliyyəti ilə məşğul olan təkcə fiziki şəxslərdən ibarət olan hissəsi 3 ildə olduğu kimi, yenə də 54 milyon manat təşkil edəcək, iki dəfə artacaq.
Srağagün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hökumətin 9 ayının yekununa həsr edilmiş yığıncağında etdiyi proqram xarakterli çıxışında kiçik və orta sahibkarlığa dəstəklə bağlı səsləndirdiyi tələblər, verdiyi tövsiyələr bu sahədə böyük imkanlar olduğunu bir daha aydın göstərdi. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin mədaxillərinin yeni iş yerlərinin yaranması xətti ilə yüksəlməsi və bu hesaba vətəndaşların pensiya təminatının daha da artırılması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.
Son illər təsdiqlənmiş proqramlar, sərəncamlar, qanunlar və onlara edilən dəyişikliklər bu baxımdan xüsusilə diqqət-əlayiqdir. 2014-cü ilin noyabrında qəbul edilmiş Pensiya təminatı sahəsində əsaslı islahatlarla bağlı Prezident Kon-sepsiyası bu baxımdan xüsusilə təqdirəlayiqdir. Belə ki, konsepsiyada yaxın gələcəkdə pensiyaların baza və sığorta hissələrindən başqa könüllü yığım hissələrinin də formalaş-ması nəzərdə tutulmuşdur. Onu da qeyd etməyi vacib sayıram ki, Dövlət Sosial Müdafiə Fondu parlamentin Sosial siyasət komitəsi ilə birgə könüllü yığım və qeyri-dövlət pensiya fondlarının ölkəmizdə  tətbiqi ilə bağlı Almaniya, Litva, İsveçin təcrübəsini beynəlxalq tvininq proqramı vasitəsilə öyrənməklə yanaşı, eyni zamanda, bu məsələlərə Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunu da cəlb etməyi unutmayıb. Düşünürəm ki, könüllü yığım və qeyri-dövlət pensiya fondlarının yaradılması vətəndaşların pensiya təminatının daha da yaxşılaşmasında əvəzsiz rol oynayacaqdır.
Hörmətli deputat həmkarlarım, müzakirənizə verilən bu büdcənin 2 milyard 923 milyon 588 min manatı bilavasitə əmək pensiyalarının ödənilməsinə yönəlmişdir. Fürsət düşmüşkən, pensiya vəsaitlərinin daha səmərəli istifadə olunmasına yönələn bir sıra fikirləri plenar iclasın iştirakçılarına çatdırmaq istərdim. Səsləndirəcəyim rəqəmlər hər birimizi müvafiq təhlillər aparmağa və bu sahədə sistemli addımlar atmağa sövq etməlidir. Bu gün ölkəmizdə təxminən 145 min kəndli pay mülkiyyətçisi minimum əmək haqqının 12 faizini sığorta haqqı ödəməklə pensiyanın baza hissəsi qədər pul alır. Bu da vətəndaş öhdəliklərindən, demək olar ki, 7 dəfə çoxdur.
Digər bir rəqəm. Ölkəmizdə muzdla işləyən 1,4 milyon, bütövlükdə 3 milyon 136 min sığorta olunana 1 milyon 293 min pensiyaçı düşür. Əgər müvəqqəti işləyənləri və simvolik sığorta olunanları bu statistikadan çıxsaq, hər bir pensiya alana 1,6 nəfər ödəyici düşür. Bu da dünya göstəricisindən 0,4 nəfər azdır.
Başqa bir rəqəm. Son illər əlilliyə, ailə başçısını itirməyə, bir sıra güzəştlərə görə və digər səbəblərdən erkən pensiyaya çıxmaq hallarının az da olsa, artım tempi,  tendensiyası hiss olunur. Belə ki, bu gün belə pensiya alanların sayı 43 min 314 nəfər olsa da, hər il bu rəqəm 2500 nəfər artır. Bu isə məntiqi olaraq sosial sığortada ünvanlılığı pozur, bu sahədə həmrəylikdən zaman-zaman baş prinsip olan qazanılana keçmək məqsədinə mane olur. Bilirsiniz ki, biz ancaq o istiqamətdə işimizi qurmalıyıq. Mən düşünürəm ki, hər bir millət vəkili, hər bir dövlət strukturu sosial sığorta fonduna bu sahədə yardımçı olmalı, onlara kömək etməlidir.
Bir məsələyə də diqqəti yönəltmək istəyirəm. Əgər dünyada pensiya ödənişləri əmək haqlarının 40 faizə qədərini təşkil edirsə, bizdə bu göstərici bu gün 43,5 faizdir. Tomoqrafik prinsiplərə görə də pensiyaya çıxanda Azərbaycan vətəndaşının mənafeyi mütləq qorunur.
Bizim komitənin geniş tərkibli yığıncağındakı müzaki-rədə layihənin yuxarıda sadaladığım pozitiv rəqəmləri ilə yanaşı, bəzi məsələlərinə tənqidi yanaşdıq. Bu, hamiləlik və doğuşla, uşağın anadan olması ilə, sığorta haqları hesabına müavinətlərlə, sığorta olunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkili ilə bağlı qrafalarda nəzərdə tutulan vəsaitin hiss olunan qədər artırılması istəyinin səsləndirilməsi idi. Komitə üzvlərinin birmənalı səsləndirdiyi fikirlər oldu və düşünürəm ki, gələcəkdə bu istiqamətdə müəyyən qədər vəsait ayrılmasına ehtiyac olacaqdır.
Hörmətli deputat həmkarlarım, Dövlət Sosial Müdafiə Fondunun gələn ilə olan mədaxil-məxaric göstəriciləri bu günün reallıqlarına tam cavab verir və həmişə olduğu kimi, yenə də gərgin iş, ardıcıllıq və təşəbbüskarlıq tələb edir. Əminik ki, fondun kollektivi qarşıya qoyulan vəzifənin öhdəsindən layiqincə gələcək, vətəndaşların sosial mü-dafiəsinin daha da güclənməsinə xidmət edəcəklər. Odur ki, sizdən Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsinin təsdiq olunmasına səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Hadi müəllim, mənim bir sualım var. Siz dediniz ki, 1,6 nəfər işləyənə bir nəfər pen-siyaçı düşür. Xahiş edirəm, bir arayış hazırlayarsınız. Bizdə kənd təsərrüfatı ilə məşğul olanların yığım fondu 5 manatdır. Eləmi?
H.Rəcəbli. Minimum əmək haqqının 12 faizini təşkil edir. Yəni bu adamlar az vəsait ödəyərək çoxlu pensiya alırlar.
Sədrlik edən. Onda 1,6 deyil, 1,2 nəfər işləyənə 1 nəfər düşəcək. Arayışı buna dair hazırlayın.
H.Rəcəbli. Bu məsələni Siz çox düzgün vurğuladınız. Bu həm bizim komitənin, həm də Dövlət Sosial Müdafiə Fon-dunun diqqət mərkəzindədir və möhtərəm Prezidentimizin həmin konsepsiyasının tələblərindən biridir. Minnətdaram.
Sədrlik edən. Tənəffüs elan edirik.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Dövlət Sosial Müdafiə Fondunun sədri hörmətli Elman Mehdiyev, buyurun.
E.Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiy-yatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyası uğurla icra olun-maqdadır. Bunun nəticəsidir ki, dünyada proqnozlaşdırıl-ması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə ölkəmizdə bütün sosial proqramlar vaxtında reallaşdırılır, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri daha da inkişaf etdirilir.
Qeyd olunan siyasətin prioritet istiqamətlərindən biri kimi pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi və sığorta-pensiya sisteminin dayanıqlı inkişafı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi layihəsinin əsas məzmununu təşkil edir.
Diqqətinizə təqdim olunan layihədə Azərbaycan Res-publikasının növbəti ildə gözlənilən əsas makroiqtisadi göstəriciləri və demoqrafik tendensiyaları nəzərə alınmışdır. Habelə layihənin tərtibində ölkəmizin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin müasir prinsipləri əsasında əlaqələndirilməsini təmin edən sığorta-pensiya sisteminin cari ilin ötən dövründəki fəaliyyətinin əsas parametrlərinə istinad olunmuşdur ki, bu göstəricilər aşağıdakı kimidir.
Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 milyard 185 milyon 200 min manat təşkil etmiş, sosial sığorta daxilolmaları ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz artaraq 1 milyard 305 milyon manata çatmışdır. Bu artım tendensiyası dövlət büdcəsindən ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 milyon 500 min manat azalmasına səbəb olmuşdur. Bütün bunlar milli iqtisadiyyatın dayanıqlılığı şəraitində əhalinin sosial sığortaya cəlb olunan gəlirlərinin artımını ifadə etməklə yanaşı, sığorta-pensiya sistemi iştirakçılarının aktivliyinin yüksəldilməsinin nəticəsidir ki, ilin əvvəli ilə müqayisədə fərdi uçot sisteminə qeydiyyata alınanların sayı 160 min nəfər artaraq 3 milyon 136 min nəfəri ötmüşdür.
Bu tədbirlər fəaliyyətin avtomatlaşdırılmasının daha da genişləndirilməsi ilə müşayiət olunmuş, 2015-ci ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi elektron xidmətlərdən istifadə sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artmaqla 2 milyona çatmış, vətəndaş müraciətlərinin sayı isə 27 faiz azalmışdır.
Cari ilin 9 ayı ərzində fondun xərcləri 2 milyard 195 milyon manat olmuş və bunun 98 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmişdir. Cari ildə pensiyaların indeksləşdirilərək artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı vaxtında icra olunmuşdur. Hazırda yaşa görə pensiyaların orta aylıq məbləği 196 manatdır və ölkə üzrə orta aylıq əmək haqqının 43 faizini təşkil edir ki, bu da beynəlxalq standartlara tam uyğundur.
Hörmətli millət vəkilləri, növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3 milyard 78 milyon 600 min manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 22 milyon 300 min manat və ya 0,7 faiz çoxdur. Xərclər üzrə dəyişikliyin istiqamətləri belədir: əmək pensiyası üzrə xərclərin artımı 13 milyon 100 min manat, müavinətlər üzrə artım 8 milyon 900 min manat, digər xərclər üzrə artım 300 min manat. Gəlirlərlə bağlı məcburi dövlət sosial sığorta haqları üzrə artım 22 milyon manat, sair gəlirlər üzrə artım 300 min manat nəzərdə tutulur. Dövlət büdcəsinin transferti dəyişdirilmədən cari ilin səviyyəsində saxlanılır. Göründüyü kimi, xərclərin artımı toplanan sosial sığorta haqları hesabına qarşılanacaqdır.
Fondun 2016-cı il üçün gəlirlərinin 64,1 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 35,9 faizə enəcəkdir. Qeyri-büdcə üzrə gəlirlərin artımı xüsusilə hədəfə alınmaqla həmin sahədən daxilolmaların cari ilin proqnozu ilə müqayisədə 21 milyon manat artımı nəzərdə tutulub. Fondun büdcə xərclərinin 97,8 faizi və ya 3 milyard 11 milyon 200 min manatı əhaliyə ödənişlərə, 2,2 faizi və ya 67 milyon 400 min manatı isə digər xərclərə yönəldiləcək, əhaliyə ödənişlərin 97,1 faizini və ya 2 milyard 923 milyon 600 min manatını pensiya xərcləri, 2,9 faizini və ya 87 milyon 600 min manatını isə müavinət xərcləri təşkil edəcəkdir.
Hörmətli millət vəkilləri, növbəti ildə pensiya xərclərinin ölkənin ümumi daxili məhsuluna olan nisbəti 5,1 faiz nəzərdə tutulmuşdur. 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisinin 8,7 faiz təşkil edəcəyi nəzərə alınarsa, bu kateqoriyanın əhalinin strukturundakı payının hər bir faizinə ümumi daxili məhsulun 0,58 faizi qədər pensiya xərci olmaqla optimal hədd saxlanılacaqdır.
2016-cı il üçün proqnozlaşdırılan digər xərclərin tərkibində pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 20 milyon manat, pensiya və sosial təminat layihəsi üzrə beynəlxalq kreditin qaytarılmasına 1 milyon 300 min manat, beynəlxalq təşkilatlara üzvlük haqqının ödənilməsi xərcləri üçün 40 min manat vəsait nəzərdə tutulmuşdur.
Sığorta olunanların sanatoriya-kurort müalicəsi və sağ-lamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azər-baycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsi ilə maliyyələşdirilən xərclər 19 milyon 100 min manat proqnozlaşdırılır ki, bu da 2015-ci ilin müvafiq proqnoz göstəricisi ilə eyni səviyyədədir.
Dövlət Sosial Müdafiə Fondunun aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinin proqnozu 2016-cı il üçün 27 milyon manat məbləğində nəzərdə tutulur. Qeyd olunan xərclər fondun bütün xərclərinin 0,88 faizini təşkil edir ki, bu da sığorta- pensiya sistemləri üçün ən aşağı göstəricilərdən biridir.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikası Prezidentinin əmək pensiyaçılarının sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsi kimi, ölkəmizdə müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması ilə  beynəlxalq təcrü-bədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunmuşdur. Bununla yanaşı, yaranmış yeni sosial-iqtisadi şəraitə uyğun olaraq pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığını hədəfləyən “2014–2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” ilə növbəti mərhələdə pensiya islahatlarının prioritet istiqamətləri təyin edilmişdir. Konsepsiyada müəyyənləşdirilmiş vəzifələrin kompleks həlli üçün sığorta-pensiya sisteminin fəaliyyət düsturu kimi qəbul edilən pensiya formulunun inkişafın yeni mərhələsinə uyğun tələblər əsasında təkmilləşdirilməsi nəzərdə tutulur ki, bu həm ayrı-ayrı iştirakçıların təminatı, həm də ümumilikdə sistem üzrə mövcud problemlərin həlli  baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni pensiya formulunun tətbiqi ilə birincisi, sosial sığorta prinsiplərinin daha da dərinləşdirilməsi ilə sistemin yeni maliyyə modeli qurulacaq, ikincisi, qeyri-sığorta ödəmələrinin məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsi minimuma endiriləcək və dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəlikləri fərqləndiriləcəkdir.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi sosial və iqtisadi məsələlərin bir paketdə həll olunması strategiyasının icrası iqtisadi inkişafın ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsini təmin etməkdədir. Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi layihəsinin təklif olunan variantda qəbulu bu siyasətin reallaşmasına öz töhfəsini verəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Müzakirələrə yazılın. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Düzü, gözləmirdim ki, birinci çıxış edəcəyəm, ona görə fikirlərimi bir qədər qısa deməyə çalışacağam.
Bizə təqdim edilən Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi göstərir ki, Azərbaycan dövləti vətəndaşları qarşısında götürdüyü öhdəliklərə sadiqdir. Yəni dünyadakı maliyyə böhranına, o cümlədən neft gəlirlərinin azalmasına baxmayaraq, Azərbaycan hökuməti gələn il üçün büdcəsində 2 sahəyə – bir sosial proqramlara, bir də müdafiə sahəsinə olan ayırmaları nəinki azaltmışdır, əksinə artırmışdır. Bütün çətinliklərə baxmayaraq, birincisi, pensiyaların ödənilməsi müntəzəmliyi pozulmur, hər bir Azərbaycan pensiyaçısı bilir ki, vaxtında, müəyyən edilmiş gündə pensiyasını alacaq. İkincisi, bizə verilən məlumatlardan aydın oldu ki, Dövlət Sosial Müdafiə Fondu üzərinə düşən vəzifəni yerinə yetirir, proqnozlarını elmi əsaslar üzərində qurur. Nə pensiyaların həcminin azalması, nə də sabah yeni pensiyaçılara ödənişin problem olacağı ilə bağlı hər hansı bir narahatlıq yoxdur. Ümumən, bizə təqdim edilən layihə məqbuldur və pensiya alan vətəndaşlarımızın hər hansı bir narahatlığına əsas yoxdur.
Hörmətli Elman müəllimə çox müfəssəl və  qısa çıxışına görə təşəkkür edirəm və mənim ona iki sualım olacaq. Bəlkə də bir qədər sadə görünə bilər, amma bu suallara ondan cavab istəyərdim. Birinci, hər il bildiririk ki, il ərzində inflyasiya müəyyən qədər olur. Məsələn, bu il 3,4 faiz olub. Mən bilmək istərdim ki, hər il Dövlət Sosial Müdafiə Fondunun büdcəsi tutulanda bu inflyasiya pensiyaçıların pensiyasında nəzərə alınırmı?
İkincisi, seçicilərlə, eyni zamanda, sadə vətəndaşlarla ictimai yerlərdə görüşlərdə bizə ənənəvi olaraq sual verirlər ki, pensiyalarımız nə vaxt artacaq? Bununla bağlı yenə Elman müəllimə bir sual vermək istərdim. Pensiyanın artımı modeli nə cürdür? Bu, ümumən, Dövlət Sosial Müdafiə Fonduna ayırmaların həcminin artması ilə bağlıdır, yoxsa hansısa bir proqram üzrə gedir? Bu iki sualımın cavablandırılmasını istərdim. Ümumən götürdükdə, gələn il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin vətəndaşların maraqlarına cavab verdiyini düşünürəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Yevda Abramov.
Y.Abramov. Təşəkkür edirəm, cənab Sədr. Mən, doğrusu, günün birinci yarısında çıxış etmək istəyirdim, amma belə nəzərə alındı ki, çıxışlar kəsilsin. Mən hər il büdcə müzakirəsinə və hökumətin hesabatına müəyyən fikirlərlə gəlirəm. Məqam düşür, hökumətin üzvləri burada olur. Bilirsiniz ki, hər dəfə onlarla görüşməyə imkanlarımız olmur. Oqtay müəllim, seçicilərin, xalqın sözünü parlamentə gətirmək mənasında adam çıxış etmək istəyir. Bu fürsətdən istifadə edib mən büdcə ətrafında fikirlərimi söyləmək istəyirəm.
Çox gözəl tərtibat və çox gözəl təqdimatla bu ilin büdcəsi müzakirə edilir. Demək istədiklərimin əksəriyyətini Siyavuş müəllim dedi. Cənab Prezident o cür gözəl, hər kəsin başa düşə biləcəyi bir dildə çıxış etdi və bu müzakirəyə, doğrudan da, ehtiyac qalmadı. Yerlərdə, lap elə deputatlar səviyyəsində hamı elə bilirdi ki, Prezidentin bir çox şeydən xəbəri yoxdur. Amma sən demə, Prezidentin hər şeydən xəbəri var, bizim xəbərimiz yoxdur. Sadəcə olaraq, cənab Prezident məqam gözləyir. O bilir, sözünü harada, nə vaxt və kimlərə desin. Biz bunu Prezidentdən öyrənməliyik.
İki gündür zənglər kəsilmir. Bunu mətbuatda da canlan-dırırlar. Hətta müxalifət mətbuatı da cənab Prezidentin bu çıxışını inqilabi xarakterli çıxış adlandırır. Ona görə bizim büdcəmiz iki gün deyil, 3 gündür, ən yüksək səviyyədə müzakirə olunur. Beynəlxalq aləmdəki siyasi-iqtisadi kataklizmlər şəraitində büdcəni elə tərtib eləyiblər ki, o həm dayanıqlı, həm sosialyönümlü, həm də təmkinlidir. Bizim belə bir şəraitdə dövlətdən, hökumətdən nə isə istəməyə haqqımız yoxdur. Amma bəzi məsələlər var ki, Oqtay müəllim, bunları deməliyik. Danışmırsan lal adlandırırlar, danışırsan nazirlər inciyir.
Mən hiss elədim, bir az tənqidi çıxış edirik, bəzi nazirlər salam da almırlar. Oqtay müəllim, mən şəxsən canımı da Azərbaycan dövləti üçün, Prezident üçün, partiyam üçün verməyə hazır olan adamam. Mən tənqidi ona görə eləmirəm ki, o vəzifəyə kimi isə verirəm. Mən Azərbaycanda tək yaşayan bir adamam, ailə şəcərəmdən məndən başqa heç kim yaşamır. Amma bu insanlar inciyirlər. Biz bilsək ki, bu işin öhdəsindən təkcə siz gəlirsiniz, kabinetinizə gəlib yalvaracağıq, xahiş edəcəyik. İcra strukturları bunlardır, onlar da icra etməlidir.
Bu gün yaşayış minimumu, əlbəttə, yaşamaq üçün imkan vermir. Amma nə etmək olar, həyat belədir. Bu gün Azərbaycan nefti elə bir səviyyədədir ki, xalqın alın təri ilə çıxarılan bu məhsul hansısa dövlətin bir tikə boyası ilə rənglənmiş bir kağıza, əskinasa dəyişilir. Bizim həyatımız onlardan asılı vəziyyətə düşür. Burada böyük risklər var, onlara sinə gərməliyik, hazırlaşmalıyıq. Bu gün dünyada hansı oyunların getdiyini hər bir deputat bilir. Sağ olsun cənab Prezident ki, respublikamızda gözəl, sabit bir cəmiyyət yaradıb. Burada yaşayan bütün xalqlar dövlətdən razıdırlar.
Söhbət nədən gedir? Söhbət yerli bürokratiyadan, bəzi insanların yerində olmamasından gedir. Mən dəfələrlə bu zalda demişəm, bu gün də təkrar edirəm, kim bu gün cənab Prezidentə kömək etmirsə, ən çətin və ən yaxşı vaxtında onun yanında yoxdursa, Azərbaycanın çörəyi, suyu ona haram olmalıdır.
Bir sıra məsələlərdə – Qarabağın taleyi, Azərbaycan dövlətinin suverenliyi, xalqın maddi rifah halının yüksəldilməsi məsələlərində müxalifətçilik və iqtidarçılıq ola bilməz. Hamımız bir hədəfə vurmalıyıq, Prezidentin yanında olmalıyıq.
Oqtay müəllim, mən bu yaxınlarda Dərbəndin 2000 illiyi üçün gələn qonaqları yola salırdım. Əgər mənim sözümə inanmırsınızsa, Yaraq Qazmalara bir adam göndərin, baxın, adam Yaraq Qazmalarda olanda Azərbaycan vətəndaşı ol-mağına peşman olur. Deyirsən, əcaba, mən bu respublikada yaşayırammı? Bu insan 105 manatla necə dolanmalıdır?
Rusiyadan 150 manatlıq mal gətirirsə, bunun Azərbay-canda dəyəri 300 manatdır. Mən orada  nə gördüm? Kol-basanı 7 yerə doğrayıb töküblər. İki kütüm balığı gətirib, doğrayırlar, iki araq şüşəsini açıb yerə tökürlər. Bir qutu siqareti açıb bir-bir qoparırlar. Bu nədir? 10 kilodan artıq olmaz. Amma Rusiya tərəfi nə qədər istəyirsənsə, keçirməyə imkan verir. Nə olar, bu adam gözünü bağlayıb bu insanlara bir doğmalıq göstərə bilməzmi? Nə olsun ki, 20 kilo yük gətirib? Lənkərandan, Masallıdan, Cəlilabaddan İrana keçirib barter edəcək.
Oqtay müəllim, nə baş verir? Bu il kənd təsərrüfatı ilidir, amma bunu rayon deputatlarının çoxu demədi. Hiss eləmi-rik. Şəmkirdən xiyar gətiriblər, Rusiyaya keçirə bil-məyiblər. Onlarca maşın Qubadadır. Soruşuram ki, bu nədir? Deyirlər ki, 20 qəpiyə sahədən verirlər. Bununla təsərrüfatçı həyətindən nə qazana bilər? 12 kiloqramlıq kisələri 1 manat 50 qəpiyə Qubada satırlar. Qara gavalının qiyməti bu il 10 qəpikdən yuxarı qalxmadı. Mən deyirəm ki, iş yerləri açılsın. Konserv zavodları, SSRİ dövründəki tədarük kontorları bərpa edilsin. O qədər pul, qazanc yeri var. Mən vaxt almaq istəmirəm. Hökumət iqtisadi zonalar üzrə bir müşavirə keçirsə, biz o təklifləri verərik. Məsələlər çoxdur, amma mən başağrısı vermək istəmirəm. Yenə deyirəm, bu gün büdcəmizin parametrləri elədir ki, artıq xalq buna narazılıq eləmir.
Deputatlığa namizədlər sabahdan gedib soyuq zallarda təbliğat aparacağıq. Bilirsiniz, bizə nə deyirlər? Deyirlər ki, heç olmasa, siz gələndə bu qazın təzyiqini, atmosferini bir az qaldırsınlar. Sayğac olan yerdə nə qış mövsümü, nə yay mövsümü? Ver qazını, al pulunu. Hər dəfə də biz bunu tən-qid edirik. Kimi isə özümüzə düşmən etməliyik? Hər yerə qaz satırıq. Yadınızdadırsa, bir dəfə hökumətin hesabatında dedim ki, aləmi bəzər, özü lüt gəzər. “Yeni Müsavat”da yazdılar ki, iqtidar deputatı müxalifətə keçib. Burada nə müxalifətçilik var? Dünyaya qaz satırıq, amma özümüz qazsızıq.
Buna baxmayaraq, həm Hadi müəllimin, həm də Elman müəllimin təqdimatları yüksək səviyyədə oldu, xalq razıdır. Bilirsiniz, bizim xalqımız çox gözəl xalqdır, dözür, başa düşür, hər şeyi anlayır. Ona görə deyirəm ki, büdcəmiz dü-şərli, uğurlu olsun, bu da gəlib keçər. Azərbaycanın hə-yatında çətin anlar çox olub. Təki müstəqilliyimiz, suveren-liyimiz, kişiliyimiz əlimizdən getməsin. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Yevda müəllim, verdiyiniz su-alların çoxunun cavabını özünüz də yaxşı bilirsiniz. Yəqin, burada səsləndirmək istəyirdiniz. Burada obyektiv və subyektiv səbəblər var. Obyektiv səbəb odur ki, Rusiyada devalvasiya olandan, rublun qiyməti aşağı düşəndən sonra ora aparılan mallar sərhəddə qalıb. Əsas məsələlərdən biri budur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 10 kilodan artıq qoymurlar? Məsələ qaldırdınız, deyərik, baxarlar. Siz həm də dediniz ki, mallar Qubada qalıb. Biz də qeyd edirik ki, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var.
Özü də heç kim Sizdən inciyən deyil. Hansı nazirlər inciyib, bilmirəm, indiyə kimi deputatların nə sözü olubsa, hamısını deyiblər.
İkinci, deyirsiniz ki, büdcənin müzakirəsini 3 gün keçirək. Büdcənin müzakirəsini 5 gün də keçirə bilərik. Amma baxın, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsini keçiririk, iki nəfərdən başqa heç kim yazılmadı, çünki deputatların əksəriyyəti seçki kampaniyasındadırlar. Hamı gedib öz təbliğatını aparmağa tələsir.
Üçüncü məsələ ondan ibarətdir ki, bu büdcə 7 gündən artıqdır müzakirə olunur. Mən bu müzakirələrdəki çıxışların hamısına baxmışam. Komitələrin birgə iclasında saatlarla müzakirə olunub, ona görə adamların çoxunun plenar iclasda deməyə sözü yoxdur. Pis mənada demirəm, müzakirə gedib. Ona görə təklif olunur ki, müzakirə kəsilsin. Mən də hesab edirəm ki, müzakirəni dayandıraq, çünki təkrarlara yol verilir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deyəsən, büdcəni səsə qoymaq proseduru yadınızdan çıxıb. Səsvermə ayın 20-sində keçiriləcək.
Aydın Mirzəzadənin sualları oldu. Buyurun, Elman müəllim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Görürsünüz, hamı tələskənlik edir, amma yadlarından çıxıb ki, indi səsvermə keçirilmir, vaxt verilir. Elman Mehdiyev, buyurun.
E.Mehdiyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, parlamentin plenar iclasında millət vəkillərimizin səsləndirdiyi fikirlər Dövlət Sosial Müdafiə Fondu büdcəsinin layihəsinin tərtibi, əmək pensiyaçılarının sosial müdafiəsinin daha da gücləndirilməsi və pensiya islahatlarının əsas prioritetlərinin müəyyənləşdirilməsində çox mühüm əhəmiyyətə malikdir. Mən bu baxımdan burada  səslənən bütün fikirlərə görə Milli Məclisimizin hörmətli üzvlərinə öz dərin təşəkkürümü bildirirəm.
Hörmətli millət vəkili Aydın Mirzəzadə həm pensiyaların indeksləşdirilməsi, həm də artımın qaydaları ilə  bağlı məsələ qaldırdı. Bildirmək istəyirəm ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiyaların artırılması həm baza hissəsinin artımı, həm də sığorta hissəsinin indeksləşdirilməsi metodu ilə reallaşdırılır.
Azərbaycanda 2006-cı ildən etibarən fəaliyyət göstərən sığorta-pensiya sisteminin əsas cəhətlərindən biri də bazar iqtisadiyyatı şəraitində vətəndaşların pensiya təminatının bazar təsirlərindən qorunmasını ifadə edən pensiyaların indeksləşdirilməsi məsələsidir. Hər il baş verən inflyasiya dərəcəsinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən verilən sərəncamlara uyğun olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ilin əvvəlində pensiyaların sığorta hissəsi və sığorta olunanların fərdi hesablarında olan bütün pensiya kapitalları əvvəlki inflyasiya faizinə uyğun olaraq indeksləşdirilir.
Bildirmək istəyirəm ki, 2007-ci ildən başlayaraq Azər-baycan Respublikası Prezidenti tərəfindən 9 belə sərəncam verilib və hər bir sərəncam əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini, həm də fərdi hesablarda toplanan pensiya kapitalının indeksləşdirilməsini əhatə edib. Fərdi hesablarda toplanan pensiya kapitalı hələ pensiyaya çıxmamış şəxslərə aiddir. Yəni biz onların da fərdi hesablara toplanan vəsaitlərini hər il inflyasiyaya uyğun indeksləşdiririk ki, gələcəkdə pensiyaya çıxanda artıq indeksləşdirilmiş kapitala görə yüksək pensiya məbləğlərini əldə etmiş olsunlar.
Cari ildə də belə bir indeksləşdirmə həyata keçirilir. 2014-cü ildə həyata keçirilən uğurlu antiinflyasiya təd-birlərinin reallaşmasına baxmayaraq, bilirik ki, 1,4 faizlik, yəni aşağı dərəcədə istehlak qiymətləri indeksi qeydə alındı və cari ilin əvvəlində cənab Prezident tərəfindən verilmiş sərəncama uyğun olaraq həmin indeksə uyğun pensiyaların və pensiya kapitallarının indeksləşdirilməsi avtomatlaşdırılmış rejimdə reallaşdırıldı. Bu nöqteyi-nəzərdən hər il Dövlət Sosial Müdafiə Fondunun büdcəsi tərtib olunarkən əmək pensiyalarının sığorta hissəsinin maliyyələşdirilməsi, o cümlədən sığorta hissəsinin indeksləşdirilməsi üçün tələb olunan vəsait fondun büdcəsində nəzərdə tutulur. Növbəti il üçün Dövlət Sosial Müdafiə Fondunun xərcləri planlaşdırılarkən də İqtisadiyyat və Sənaye Nazirliyinin təqdim etdiyi gözlənilən makroiqtisadi göstəricilərə uyğun olaraq biz əmək pensiyalarının sığorta hissəsinin maliyyələşdirilməsi, eləcə də indeksləşdirilməsi üçün zəruri olan vəsaitləri fondun büdcə layihəsində nəzərə almışıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən bayaq bir sual verdim, amma axıra çatdırmadım. Hadi müəllim arayış hazırlayacaq, amma bəlkə Siz cavab verəsiniz. Sadəcə, bu məsələ məni maraqlandırır. Mən pensiyanın yığım hissəsi ilə bağlı dedim ki, bir-iki kateqoriya var; kənd təsərrüfatı və kiçik biznes. Səhv eləmirəmsə, biri 5 manatdır, digəri 20 manat. Minimum baza hissəsi də 60 manat olmalıdır, elədirmi? Bu arada yaranan fərqi 3–4 il sonra kim ödəyəcək? Yenə dövlətin boynunda bir yük kimi qalacaq? İstəyirdim, bu məsələni aydınlaşdıraq. Əgər hazır deyilsənsə, sonra, gələn dəfə cavab verərsən.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun. Xahiş edirəm, mikrofon verin.
E.Mehdiyev. Hörmətli Oqtay müəllim, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “2014–2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda sığorta-pensiya sisteminin mövcud vəziyyətinin qiymətləndirilməsi ilə yanaşı, sistem qarşısında olan problemlər də geniş əks olunub və onların aradan qaldırılması üçün konkret hədəflər müəyyənləşdirilib.
Məruzə etmək istəyirəm ki, sistem qarşısında olan problemlərdən biri də qaldırılan məsələ, yəni ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiyaların qeyri-adekvatlığı məsələsidir. Bu gün Dövlət Sosial Müdafiə Fondu sistemində sığorta olunan kimi qeydiyyata durmuş şəxslərin bir qismi muzdla çalışan işçilərdir. Bunlar sosial sığorta normativini əmək haqqı fondundan 25 faizlik dərəcə ilə ödəyirlər. Yerdə qalan hissə, yəni təqribən yarısı isə özünə məşğul əhalidir. Bura mülkiyyətində pay torpağı olan və fərdi sahibkarlıqla məşğul olan şəxslər aiddir. Bunların sosial sığorta normativləri isə minimum əmək haqqının müəyyən faizləri ilə ölçülür.
Bizim tədqiqatlarımıza əsasən özünə məşğul əhali ilə muzdla çalışan işçilərin ödədiyi vəsaitlər arasında təqribən 5–15 dəfə fərq vardır. Amma tamamilə doğru məsələ qaldırılır ki, biz maliyyələşmə prosesində aşağı sosial sığorta haqqı, yəni 5 manatlıq sosial sığorta haqqı ödəyən insanlara minimum 105 manat pensiya veririksə və özü də sığorta-pensiya sisteminin hədəfi kimi orta aylıq əmək haqqının 40 faizlik həcmini də bir öhdəlik götürürüksə, bunun maliyyə təminatı necə olacaq? Bu gün mövcud praktikada vəziyyət belədir ki, pensiya formuluna əsasən, ödənilən sosial sığorta haqlarının 50 faizi fərdi hesablarda qeydiyyata alınır, 50 faizi isə ümumi istifadəyə alınaraq həm baza hissəsinin maliyyələşdirilməsinə, həm də aşağı sosial sığorta haqqı ödəyən insanların pensiya təminatına yönəldilir. Təbii ki, belə olan şəraitdə yuxarı əmək haqqından yüksək sosial sığorta haqqı ödəyən insanların buna marağı azalır və bu da daim vurğulanan qeyri-rəsmi məşğulluq, qeyri-leqal əmək haqqı problemlərini ortaya qoyur.
Doğrudur, bu problemlərin aradan qaldırılması üçün ötən dövrdə Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Əmək Müfəttişliyinin birgə fəaliy-yəti çərçivəsində çox böyük inzibati funksiyalar həyata keçirilib. Amma bildiyimiz kimi, inzibati tədbirlərin də səmərəliyinin müəyyən bir həddi var. Hesab edirik ki, bu problemin gələcəkdə aradan qaldırılması məhz qeyri-leqal məşğulluq probleminin iqtisadi üsullarla köklü şəkildə tənzimlənməsinə imkan verəcəkdir. Bu məqsədlə hazırladı-ğımız qanun layihəsi ilə yeni pensiya formulunun tətbiqinə, yekun pensiyaların hesablama düsturunu dəyişdirməklə kompleks tədbirlərə nail olmağa hədəfləyirik.
İlkin olaraq belə nəzərdə tutulur ki, ödənilən sosial sığorta haqlarının 100 faizi qeydiyyata alınsın və hətta yuxarı sosial sığorta haqqı ödəyən insanlara heç bir staj tələbi qoymayaq, bəlli minimum pensiya kapital göstəricisi müəyyən edək. Kimlərinsə topladığı sosial sığorta kapitalları minimum pensiya təminatına imkan verməyəcəksə, bu dövlət tərəfindən minimum göstəriciyə çatdırılsın. Amma vacibdir ki, biz burada sosial sığorta stajına tələbi dəyişdirək. Bu gün problem ondan ibarətdir ki, təsəvvür edin, 11 il ərzində yuxarı əmək haqqından sosial sığorta haqqı ödəyən insanlar 12 illik staj tələbinə görə pensiyaya çıxa bilmirlər. Amma kənd yerində ayda 5 manat pul ödəmiş şəxslər ən azı 110 manat pensiyaya iddia edirlər.
Təbii ki, bu da sistemin maliyyə dayanıqlığına çox mənfi təsir göstərir. Bir tərəfdən ödəyicilərin marağını azaldır, di-gər tərəfdən isə bu gün toplanan sığorta vəsaitlərinin gə-ləcəkdə gözlənilən ehtiyacları qarşılamaq imkanlarını məh-dudlaşdırır. Bu gün ödənən sosial sığorta haqlarının qarşılı-ğında fərdi hesab göstəriciləri formalaşır və gələcəkdə hər bir şəxs öz fərdi hesabı ilə bəlli düstur əsasında pensiya tə-minatı üçün dövlətə müraciət edəcəkdir.
Biz bunun dəqiq hesablamalarını aparmışıq. Burada həm Dünya Bankı, həm də Avropanın nüfuzlu sığorta-pensiya qurumları ilə qarşılıqlı əməkdaşlığımız çox mühüm rol oynayıb. İctimaiyyətə təqdimat proseslərində də biz bunu işıqlandırmışıq. Hesab edirəm ki, cənab Prezident tərəfindən təsdiq olunmuş islahat konsepsiyasının tələbləri həm sistemdə sosial ədalətin bərqərar olunmasına, həm ödənən sosial sığorta haqları ilə təyin olunan pensiyalar arasında birbaşa əlaqənin yaradılmasına, həm də dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsinə tənzimlənmə qaydası gətirəcək. Sağ olun.
Sədrlik edən. Çox sağ ol. Hadi müəllimin arayışına eh-tiyac qalmadı. Başqa sözü olan yoxdursa, gündəliyin növbəti məsələsinə keçək. Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında qanun layihəsi barədə Ziyad Səmədzadə məlumat verəcək. Buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Bu məsələ barədə büdcənin müzakirəsində kifayət qədər da-nışıldı. Qanun layihəsində nəzərdə tutulur ki, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilsin. Qanunun 1 yanvardan qüvvəyə minməsi təklif edilir. Bu barədə kifayət qədər çıxışlar olub, millət vəkillərindən bu məsələyə müsbət münasibət bildirmələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun. Hörmətli cənab Sədr, mən, sadəcə, bir məsələni vurğulamaq istəyirəm. Elman müəl-limlə də fasilədə bu mövzu ətrafında danışdıq. Söhbət birinci qrup əlillərdən gedir. Ümumiyyətlə, birinci qrup əlillər ikinci və üçüncü qruplara nisbətdə say etibarı ilə daha azdırlar. Birinci qrup əlillərin içərisində bir kateqoriya var ki, bunlar ya anadangəlmə əlildirlər, ya da çox gənc yaşlardan əlilə çevriliblər. Bunların iş stajı yoxdur, əlilliyə görə müavinət alırlar. Bu müavinətlərin həcmi bizim yaşayış minimumu ilə müqayisədə çox aşağıdır. Bu məsələyə baxılsa, yaxşı olar, çünki bunların əksəriyyəti ağır vəziyyətdə olan əlillərdir, yataq xəstələridir. Hamımız başa düşürük ki, onların müalicə xərcləri və sair ciddi məsələlərdir. Ona görə də onların müavinətlərinin ən azı yaşayış minimumuna çatdırılması məsələsinin diqqətdə saxlanılması çox yaxşı olardı.
Hörmətli deputatlar, bildiyiniz kimi, cənab Prezidentimiz tərəfindən əlillərlə bağlı mütəmadi işlər görülür, proqramlar həyata keçirilir. Amma təkrar diqqətinizə çatdırıram ki, bunlar işləyə bilmirlər və ikinci, üçüncü qrup əlillərdən fərqli olaraq yataq xəstələridir. Bu gün ailə üzvlərindən biri ona baxır. Yaxın gələcəkdə, ola bilsin, nəsə nəzərdə tutula-caq, amma hələlik onların xahişi budur ki, aldıqları müavi-nətin həcmi yaşayış minimumuna çatdırılsın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, bu gün Azərbaycanda ehtiyac meyarı 105 manat səviyyəsindədir və yaşayış minimumu ondan 26 manat yuxarı nəzərdə tutulubdur. Bu, əlbəttə, müsbət haldır. Mən Qənirə xanımın fikirlərini davam etdirərək demək istərdim ki, Qarabağ müharibəsi əlillərinin təkcə birinci qrupunun yox, ikinci və üçüncü qruplarının imkan daxilində pensi-yalarının artırılmasına diqqət yetirmək vacibdir. Ən az ona görə ki, onlar vətən yolunda əlil olublar. Digər bir tərəfdən, biz müharibə ərəfəsindəyik. Hər an işğal olunmuş torpaq-larımızın azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri hərəkətə keçə bilər. Bu baxımdan, düşünürəm ki, döv-lətimizin silahlı qüvvələrə yönəlmiş olan diqqət və qayğısı həm də müharibə əlillərinin pensiyalarının artırılmasına yönəlməlidir.
Hörmətli Oqtay müəllim, Sizin və burada oturan həm-karlarımızın dövlətimizə sədaqətinə heç bir şübhə ola bilməz. Biz millət vəkilləri olaraq üzərimizə düşən funksiya və səlahiyyətləri Azərbaycan Konstitusiyası çərçivəsində yerinə yetiririk və dövlətimizlə bərabərik. Yevda Abramovun ürək ağrısı doğuran çıxışını da harada isə başa düşmək lazımdır. Söhbət ondan gedir ki, ölkə Prezidentinin çağırışına hər kəs əməl etməlidir. O çağırışa kim əməl etmirsə, deməli, o, xəyanətkardır, o, antimilli qüvvədir, o, antiazərbaycan koalisiyasının içərisində yer alan şəxsdir.
Azərbaycanın bu gün geniş imkanları var, ölkə Prezidenti də buna söykənərək xalqın həyat səviyyəsini yüksəltmək üçün dəfələrlə çağırışlarını edib. Biz onu dəstəkləmişik və yenə də dəstəkləyirik. Biz ölkə Prezidenti ilə bərabərik. Hər zaman bərabər olmuşuq, bu gün də bərabərik, sabah da belə olacağıq. Yaxşı, bu inhisarçılığa son qoymaq, doğrudanmı, çətindir? Deyir, doğrudur. Bəs bilmirik ki, Azərbaycana idxal olunan məhsulları kiminsə razılığını almadan gətirmək mümkün deyil? Bilirik axı bunu. Bunlara son qoymaq lazımdır. Əgər o inhisarçılığa son qoyularsa, Azərbaycan xalqı qabiliyyətli xalqdır, özünü yaşadacaq, inkişaf etdirəcək, heç neftə də ehtiyac olmayacaq.
Mən bir daha ölkə Prezidentinin Milli Məclis tərəfindən, bu gün namizədliyini irəli sürən və ya sürməyən bütün Azərbaycan vətəndaşları tərəfindən dəstəklənməsinə dəvət edirəm, çağırış edirəm. Biz ölkə Prezidenti ilə bərabər olmalıyıq ki, Azərbaycan xalqının yanında olmayan həmin oğrular, hiyləgərlər, korrupsionerlər, rüşvətxorlar, nəhayət, Azərbaycan cəmiyyətindən təmizlənsinlər. Sağ olun.
Sədrlik edən. Fəzail müəllim, özün söylədin ki, cənab Prezident öz çıxışında bu məsələni hamıdan kəskin dedi. Ona görə gözləyək. Başqa çıxış etmək istəyən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 4-cü məsələ Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında qanun layihəsidir. Hadi Rəcəbli, buyurun.
H.Rəcəbli. Sağ olun, Oqtay müəllim. Həqiqətən, bu da diqqəti cəlb edən rəqəmdir. Əslində, biz bu rəqəmi ünvanlı sosial yardımla bağlı qəbul etmişik. Ola bilər, ilk baxışda kimsə bunu kiçik rəqəm kimi düşünür. Amma mən bunu 2011-ci illə müqayisə edirəm, bu rəqəm, demək olar ki, 70 faiz artıbdır.
Digər bir baxış. Azərbaycan ailəsində orta hesabla 4,7 nəfər yaşayır. Orta əmək haqqı 458 manatdır. 105 manat ehtiyac meyarını 4,7-ə vuranda 493 manata çıxır. Beləliklə, biz orta əmək haqqından yüksək gəliri olan ailələrdə bu ünvanlı yardımı tətbiq edirik. Keçən il Azərbaycanda 112 min ailə ünvanlı yardım alıbdır. Bu yardımın məbləği elə də az deyil. Bütövlükdə düşünürəm ki, bu məbləğ ötən ildəki qədər olsa da, gətirdiyim o faktlar bir daha aydınlıq yaradır ki, bugünkü reallığa görə bu, məqbul rəqəmdir və onu qəbul etmək olar.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Növbəti məsələ  “Dövlət rüsumu haq-qında” Qanuna dəyişiklik edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Biz qanun layihəsini komitədə müzakirə etmişik. Bu xarakterli qanunlar bir neçə dəfə qəbul edilib. “Dövlət rüsumu haqqında” Qanunun 4.1.1-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi təklif edilir: “Bu qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən işçilərin maddi təminatını yaxşılaşdırmaq məqsədilə dövlət rüsumu ödənilən orqanların  xüsusi hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir”. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm. Bağışlayın, səsvermə gələn dəfə olacaq.
Sədrlik edən. Çox sağ olun. Növbəti məsələ Milli Məclisin 2016-cı il üçün xərclər smetası haqqındadır. Buyurun, Firudin Hacıyev. 
F.Hacıyev, Milli Məclisin İşlər müdiri.
Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Bildiyiniz kimi, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin 52-ci maddəsinə əsasən Milli Məclisin xərclər smetası növbəti ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir. Gələn il üçün tərtib olunmuş xərclər smetasının layihəsi sizə təqdim edilmişdir.
Milli Məclisin və onun Aparatının 2016-cı il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəlləri, inzibati binaların mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələr və proqnozlar əsasında tərtib edilmişdir.
Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 22 milyon 745 min 955 manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2015-ci illə müqayisədə 1 milyon 61 min 139 manat azdır. Bildiyiniz kimi, xərclər smetasının ümumi dəyərinin 71,7 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.
Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xarici səfərlə-rinin, eləcə də ölkədaxili ezamiyyətlərin sayı xeyli artmışdır. Bununla bağlı 2016-cı ilin xərclər smetasında “Ezamiyyə xərcləri” köməkçi bölməsi üzrə 1 milyon 273 min 900 manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Bildirmək istəyirəm ki, 2016-cı ilin xərclər smetasında nəzərdə tutulmuş “İnventarların alınması” yarımmaddəsi üzrə 100 min manat, qeyri-maliyyə aktivlərinin alınması maddələri üzrə isə 250 min manat  vəsait 2015-ci illə mü-qayisədə azaldılmışdır. Qeyd etmək istəyirəm ki, Milli Məclisə gələn nümayəndə heyətlərinin mehmanxana xərcləri və  göstərilən sair xidmətlər üçün “Digər alışlar və xidmətlər” yarımmaddəsində 2016-cı il üçün 980 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu da keçənilki vəsaitlə eynidir.
Bundan başqa, Milli Məclisin avtoparkına 2006–2008-ci illərdə alınmış müxtəlif markalı avtomaşınların uzunmüd-dətli istismar nəticəsində yararsız hala düşməsi səbəbindən yeniləri ilə əvəz edilməsi tələb olunur.
Nəzərinizə çatdırmaq istəyirəm ki, 2016-cı ilin xərclər smetasında “Nəqliyyat vasitələrinin alınması” maddəsi üzrə vəsait nəzərdə tutulmamışdır. Hörmətli Samir müəllim, göstərilən bəzi maddələr üzrə vəsait çatışmazlığını nəzərə alaraq, 2016-cı ilin xərclər smetasında Milli Məclisin avto-parkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə yeni avtomaşınların alınması üçün “Nəqliyyat vasitələrinin alınması” maddəsi üzrə 250 min manat, inzibati binada quraşdırılmış sərnişin liftlərini zəmanətli elektrik yükü ilə təmin etmək üçün üç ədəd UPS-in, böyük iclas zalında sıradan çıxmış monitorların və tərcümə sistemi üçün tələb olunan avadanlıqların alınıb quraşdırılması üçün “Digər maşın və avadanlıqların alınması” maddəsi üzrə 250 min manat və sabiq  deputatlara bir il müddətində müavinətin ödənilməsi üçün “Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri” paraqrafı üzrə isə 450 min manat vəsaitin ayrılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə Milli Məclisin inzibati binasında, həyətyanı sahəsində, avtoparkında yenidənqurma işlərinin aparılmasına və Türkdilli Ölkələrin Parlament Assambleyası Katibliyinin inzibati binasının tikintisinə vəsait ayrılmışdır. Ayrılmış vəsait hesabına Türkdilli Ölkələrin Parlament Assambleyası Katibliyinin üçmərtəbəli inzibati binası inşa edilir. Eləcə də Milli Məclisin avtoparkının 1450 kvadratmetr sahəsi olan əlavə korpu-sunda, nahar fasiləsi zamanı yeməkxanada yer çatışmazlığı nəzərə alınaraq iaşə xidmətinin daha da yaxşılaşdırılması məqsədi ilə Aparatın və İşlər İdarəsinin 720 kvadratmetr sahəsi olan yeni yeməkxanasında yenidənqurma işləri aparılır. Yuxarıda göstərilən obyektlərin 2016-cı ildə tam tikilib istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bildirmək istəyirəm ki, Milli Məclisin inzibati binalarında, iclas zallarında, həyətyanı sahəsində, maşın zalında və avto-parkında  mütəmadi olaraq yenidənqurma işləri bu gün də davam etməkdədir.
Hörmətli Sədr, hörmətli deputatlar! 2016-cı ilin dövlət büdcəsində Milli Məclis üçün nəzərdə tutulmuş xərclər smetasına dair əlavə açıqlamaya ehtiyac olduğu təqdirdə suallarınıza cavab verməyə hazıram. Sizdən Milli Məclisin 2016-cı il üçün xərclər smetası layihəsinin təsdiq edilməsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Firudin müəllim. Maliyyə naziri həmişə bura gələndə sənin əlinə fürsət düşür, xahiş-lərini edirsən. Milli Məclisin məsələlərini həll elədilər?
F.Hacıyev. Ümidvaram ki, həll olunacaq.
Sədrlik edən. Mən də ümidvaram. Amma açıqlama verəndə gərək bir izah edəydin. İndi deyirsən ki, yeməkxana tikilir. Deyəcəklər ki, Milli Məclis kefindən yeməkxana tikdirir. Milli Məclisin yeməkxanasının sahəsi 50 kvadratmetrdir. İşçilər 3 növbə yemək yeyir. 
Sağ olsunlar, son illərdə dəstəklədilər, artıq Milli Məc-lisin yeni yeməkxanası tikilir ki, insanlar normal şəraitdə fəaliyyət göstərsinlər. Milli Məclisin maşınları yağışın, qarın altında qalmışdı. Gördüyün işlərdən də bir az danışaydın ki, görsünlər, bu pul hara verilir, hara gedir. Heç demədin ki, bu il səndən 250 min manat pul siliblər. Səbəbini də de ki, bu il seçki ilidir, məzuniyyətə gedənlərin sayı az idi, ona görə büdcə 250 min manat az oldu. Amma həmin büdcəni gələn il də eyni qaydada saxlayıblar. Razısan mənimlə? Nə deyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu. Sonuncu məsələ Hesablama Palata-sının 2016-cı il üçün xərclər smetası haqqındadır. Vüqar müəllim, buyurun.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məlu-munuz olduğu kimi, Hesablama Palatasının xərclər smetası Azərbaycan Respublikasının qanununa uyğun olaraq palata tərəfindən Milli Məclisə növbəti ilin dövlət büdcəsi baxılarkən təqdim edilir ki, bu da ali audit qurumlarının, beynəlxalq təşkilatların standartlarına, eləcə də müvafiq qanunun tələblərinə uyğun olaraq palatanın təşkilati və funksional müstəqilliyə malik olmasından irəli gəlir.
İlk olaraq qeyd edim ki, təklif etdiyimiz layihəyə  əsasən 2016-cı ildə dövlət büdcəsindən Hesablama Palatasının saxlanması üçün 3 milyon 825,5 min manat vəsait ayrılması nəzərdə tutulur ki, bu da 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 66,6 min manat azdır. Azalma, əsasən, cari əsaslı malları və xidmətləri əhatə edir. Nəzərdə tutulmuş vəsait hesabına 2016-cı ildə 37-si yerli xərcləri və 5-i diplomatik korpusları əhatə etməklə 87 audit tədbirləri həyata keçiriləcək.
Bununla yanaşı, qeyd etməyi lazım bilirəm ki, palata üzrə xərclər smetasının ümumi məbləğinin 83,3 faizini əməyin ödənilməsi xərcləri təşkil edir. Xərclər smetasının Milli Məclisə təqdim edildiyini nəzərə alaraq, vaxtınızı almamaq məqsədilə digər xərclər üzərində ətraflı dayanmağa ehtiyac duymuran.
Hörmətli millət vəkilləri, Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil et-məyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcəkdir. Ona görə də hörmətli millət vəkillərindən Hesablama Palatasının 2016-cı il üçün xərclər smetasını dəstəkləmələrini xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Allah qoysa, ayın 20-də səsə qoyacağıq. Ayın 20-də dördüncü çağırış Milli Məclisin son iclasıdır. Büdcəyə və büdcə zərfinə daxil olan digər sənədlərə baxacağıq. Bilirəm, çoxlarınız rayonda olacaqsınız. Ona görə xahiş edirəm, ayın 20-də hamı Milli Məclisin iclasında, iş yerində olsun. Çox sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi