2016-ci il 12 fevral tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
III SESSİYASI İCLASININ

PROTOKOLU  № 9

Milli Məclisin iclas salonu.
12 fevral 2016-cı il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 102
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Vilayət Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Mehdi Səlimzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Emin Eyvazov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş  sektorunun müdiri.
Səttar Zamanov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Bəhruz Mahmudov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin İnzibati Nəzarət İdarəsinin rəisi.
Qədir Xəlilov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı.
Hafiz Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin İnzibati Nəzarət İdarəsinin əməkdaşı.
Hümbət Hüseynov, Azərbaycan Qəsəbə Bələdiyyələri  Milli Assosiasiyasının sədri.
Əli Mehdiyev, Azərbaycan Kənd Bələdiyyələri  Milli Assosiasiyasının sədri.
Sitarə Cabbarlı,  Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası sədrinin müavini.

 

                                                                                       *    *    *

 

Sahib Məmmədov, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.
Anar Əliyev, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri.
Allahverdi Paşayev, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin sektor müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.
2. Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun  layihəsi barədə.
3. “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında” Müqavilənin və onun Proqramının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
7. Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov,  Vilayət Zahirov, Arif Rəhimzadə, Fazil Mustafa, Azər Badamov, Zahid Oruc, Fərəc Quliyev, Kamran Bayramov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun  layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Sahibə Qafarova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında” Müqavilənin və onun Proqramının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

4. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Bəxtiyar Əliyev, Çingiz Qənizadə, Siyavuş Novruzov, Araz Əlizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

5. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Arif  Rəhimzadə, Ziyafət Əsgərov, Zahid Oruc, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

6. Lisenziyalar və icazələr haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Ziyafət Əsgərov,  Ziyad Səmədzadə,   Vahid Əhmədov, Aydın Mirzəzadə, Fazil Mustafa, Şəmsəddin Hacıyev, Bəxtiyar Əliyev, İlham Əliyev, Tahir Mirkişili

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–16-cı maddələri qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Təklif:  17–31-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

7. Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Hikmət Məmmədov, Çingiz Qənizadə, Zahid Oruc, Musa Quliyev, Rauf Əliyev, Kamran Nəbizadə, Aydın Hüseynov, Vahid Əhmədov

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.48 dəq.)
Lehinə 94
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 


MİLLİ  MƏCLİSİN  İCLASI

12 fevral  2016-cı il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 102
Yetərsay        83

Çox sağ olun, yetərsay var, iclasa başlaya bilərik. Gündəlik sizə paylanıb, xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi


Çox sağ olun, gündəlik təsdiq edildi. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda keçirik gündəliyin birinci məsələsinə. Birinci məsələ bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqındadır. Mən sizin nəzərinizə çatdırım ki, bugünkü  iclasda həm də bələdiyyə üzvləri iştirak edirlər. İlk dəfədir ki, Milli Məclisin iclasında iştirak edirlər, onları da salamlayırıq, müzakirələrdə də iştirak edə bilərlər. Məruzə üçün sözü Vilayət müəllimə verirəm, buyurun.
V.Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli deputatlar! İlk növbədə sizi  Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş azad, demokratik, ədalətli və şəffaf seçkilərdə əldə etdiyiniz  qələbə münasibəti ilə ədliyyə işçiləri adından təbrik edirəm, qarşıdakı 5 ildə vətənimizin tərəqqisi, ölkəmizin qanunvericilik sisteminin daha da təkmilləşdirilməsi istiqamətindəki dəyərli fəaliyyətinizdə sizə uğurlar arzulayıram.
Hörmətli deputatlar, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən 2015-ci il üzrə illik məruzə diqqətinizə təqdim olunur. Dünyada artan qlobal iqtisadi böhran şəraitində Azərbaycan Respublikasında 2015-ci ildə də sosial-iqtisadi inkişaf davam etdirilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin müdrik siyasəti uğurla davam etdirilərək regionda səmərəli əməkdaşlığa, sülhə və sabitliyə xidmət edən nəhəng layihələrin həyata keçirilməsinə nail olunmuşdur. Həmçinin ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərdə yüksək təmsilçiliyi, qitənin tarixində ilk dəfə keçirilən Birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etməsi dövlətimizin güclü siyasi iradəsini və böyük beynəlxalq nüfuzunu təcəssüm etdirmişdir.
Noyabrın 1-də azad, ədalətli və şəffaf şəraitdə keçirilmiş parlament seçkiləri isə xalqımızın həmrəyliyinin, ölkəmizin demokratik tərəqqisinin təzahürü olmuşdur. Ölkəmizdə demokratik institutların inkişafının təmin edilməsi, onların fəaliyyətində səmərəliliyin artırılması, o cümlədən yerli demokratiyanın inkişafı daim diqqət mərkəzində olmuş və bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirilmişdir. Yerli özünüidarə sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanunun icrasını təmin etmək üçün 202 bələdiyyənin birləşməsi nəticəsində yaradılmış 93 bələdiyyə üzrə müvafiq komissiyalar tərəfindən təhvil-təslim işləri başa çatdırılmış və bununla bağlı Nazirlər Kabinetinə hesabat verilmişdir. Bildirmək istəyirəm ki, bu birləşmədən sonra bələdiyyələrin sayı ölkəmizdə 1607 olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında bələdiyyələrin cəmiyyətdəki əhəmiyyətli roluna toxunmuş, eyni zamanda, onların fəaliyyətlərində qanun pozuntularına yol verilməsi, öz səlahiyyətlərini qanunvericiliyə uyğun icra etməmələri ilə bağlı iradlarını bildirmiş və belə halların qarşısının alınmasına dair göstəriş vermişdir.
Ədliyyə Nazirliyi ölkə başçısının tapşırıqlarının icrası ilə bağlı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti gücləndirmiş, korrupsiya və başqa hüquqpozmalara qarşı mübarizənin səmərəliliyinin artırılması məsələləri nazirliyin kollegiya iclaslarında və əməliyyat müşavirələrində müntəzəm müzakirə edilmiş və onların icrası nəzarətdə saxlanılmışdır. İnzibati nəzarəti həyata keçirən ədliyyə orqanlarının işinin yaxşılaşdırılması, regional ədliyyə şöbələrinə metodiki köməkliyin göstərilməsi, bu sahədə çalışan kadrların bilik səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilmiş, inzibati nəzarətin qanunvericiliyin tələblərinə ciddi riayət etməklə həyata keçirilməsi barədə tapşırıqlar verilmişdir. Bələdiyyələr tərəfindən qanunsuz torpaq satışı və torpaq sahələrinin zəbt edilməsi hallarının qarşısının alınmasına, bələdiyyə nümayəndələri ilə maarifləndirmə işinin yaxşılaşdırılmasına, bələdiyyələr üçün metodiki vəsaitlərin hazırlanmasına dair bir sıra tədbirlər həyata keçirilmişdir. Bələdiyyələr tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, onların keyfiyyətli araşdırılması, aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması məsələləri xüsusi nəzarətə götürülmüşdür.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq bələdiyyələr tərəfindən qəbul edilmiş 58928 aktın inzibati nəzarət qaydasında hüquqi ekspertizası keçirilmişdir. Cari ildə təqdim olunmuş aktlardan 56700-ü qanunvericiliyə uyğun hesab edilmiş, 2700 aktın dəyişdirilməsi və ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə təkliflər verilmişdir. Verilmiş təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1169 akt ləğv edilmiş, 531 akt dəyişdirilmiş, digərlərinə isə baxılmaqdadır. Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 19 iddia qaldırılmışdır.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində il ərzində 2006 bələdiyyə aktının hüquqi ekspertizası keçirilmişdir. Aktların ekspertizası zamanı ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 3560 tövsiyə göndərilmişdir. Bu tövsiyələrdə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların və qanun pozuntularının aradan qaldırılması və qarşısının alınması məsələləri qoyulmuşdur.
Bu il bələdiyyələr tərəfindən 47 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə, 1359 hektar torpaq sahəsinin icarəyə və istifadəyə verilməsi haqqında qərarlar nazirliyin təklifi ilə iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmiş, bununla da  1406 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır. Bunlardan 1370 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə zidd olaraq bir sıra bələdiyyələr tələb olunan aktları vaxtında təqdim etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.2 maddəsinə əsasən bələdiy-yələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı olan bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə inzibati xəta haqqında 388 protokol tərtib edilərək məhkəmələrə göndərilmişdir. Onlardan 35-i təkrar inzibati xəta ilə bağlı olmuşdur. Həmin protokollar əsasında 330 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilmiş, 57 protokol üzrə  müraciətlər isə məhkəmədə baxılmaqdadır. Qanunsuz aktların ləğvi və dəyişdirilməsi ilə bağlı verilmiş təkliflərin ümumiləşdirilməsi aparılarkən həmin aktlar üzrə aşağıdakı hüquq pozuntuları müəyyən edilmişdir: bələdiyyə qərarlarında torpaq sahələrinin kateqoriyalarının düzgün göstərilməməsi, torpaq sahələrinin qanunsuz mülkiyyətə və icarəyə verilməsi, icarə müqavilələrinin birtərəfli qaydada qanunazidd ləğv edilməsi, yerli büdcənin düzgün tərtib edilməməsi, yerli büdcədən ayrılmış vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarının bələdiyyə qərarlarında göstərilməməsi, vergi güzəştlərinin qanunvericiliyə uyğun tətbiq edilməməsi, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamədə müəyyən edilmiş ərazi aidiyyəti prinsipinin pozulması.
2015-ci ildə nazirliyə bələdiyyələrin fəaliyyəti ilə bağlı 2093 müraciət daxil olmuşdur. Həmin müraciətlərdən 1845-i mahiyyəti üzrə baxılmış, 248-i aidiyyəti üzrə baxılması üçün digər orqanlara göndərilmişdir. Vətəndaşların müraciətlərindən 127-si təmin edilmişdir. Müraciətlərə baxılarkən aşkar edilmiş qanun pozuntularının gələcəkdə qarşısının alınması məqsədi ilə ayrı-ayrı bələdiyyələrə 295 tövsiyə göndərilmişdir. Beləliklə, bələdiyyələrin fəaliyyəti ilə bağlı ümumilikdə il ərzində 3855 tövsiyə verilmişdir.
İnzibati nəzarət icraatı qaydasında aktların və müraciət-lərin araşdırılması zamanı aşkar edilmiş qanun pozuntuları əsasında toplanmış 65 material hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir. Göndərilmiş materiallar, əsasən, torpaqların qanunsuz ayrılması, korrup-siya hüquqpozmaları, fiziki şəxslər tərəfindən bələdiyyə mülkiyyətində olan müxtəlif təyinatlı torpaqların zəbt edilməsi, bəzi hallarda həmin torpaqlar üzərində qanunsuz tikinti aparılması və maliyyə pozuntusu faktları ilə bağlı olmuşdur. Prokurorluq orqanları tərəfindən aparılmış hər-tərəfli araşdırma nəticəsində kifayət qədər səbəblər və əsaslar  müəyyən edildiyindən bəzi materiallar üzrə cinayət işi başlanmış, iki cinayət işi barədə məhkəmə hökmü çıxarılmış və bələdiyyə sədrləri məhkum olunmuşlar. Cinayət hadisəsinin və əməldə cinayət tərkibinin olmaması, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və digər hallar nəzərə alınaraq 10 material üzrə cinayət işinin başlanılması rədd edilmiş, digərləri isə baxılmaqdadır.
Vətəndaşların müraciətləri əsasında aparılmış araşdırma-ların təhlili nəticəsində bələdiyyələrin fəaliyyətində aşağı-dakı hüquq pozuntuları müəyyən edilmişdir. Bələdiyyə iclaslarında müzakirə edilmədən bələdiyyə sədrləri tərə-findən torpaqların və maliyyə vəsaitlərinin ayrılmasına dair təkbaşına qərar qəbul edilməsi, zəbt edilmiş bələdiyyə torpaqlarının boşaldılması ilə bağlı tədbir görülməməsi, kənd təsərrüfatı təyinatlı torpaqların təyinatına uyğun ayrılmaması, torpaqların sonuncu hərrac və ya müsabiqə zamanı müəyyən edilmiş həddən aşağı qiymətə satılması yolu ilə bələdiyyə büdcəsinə zərər vurulması, maliyyə vəsaitlərinin xərclənməsini əsaslandıran sənədlərin olmaması və ya ödənişlərin nağdsız qaydada aparılmaması, yerli büdcəyə mədaxil olunmadan qanunsuz xərclənməsi, bələdiyyə sədrinin xəzinədar vəzifəsini icra etməsi, bələdiyyənin maliyyə-təsərrüfat, mühasibat uçotu sənədlərinin yeni bələdiyyə sədrinə təhvil verilməməsi.
Həyata keçirilən tədbirlər nəticəsində qanunsuz satılan və icarəyə verilən torpaq sahələrinin sayı xeyli azalmış, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin qanunsuz zəbt olunması halları aşkar olunaraq müvafiq hüquqi tədbirlər həyata keçirilmişdir. Ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin fəaliyyətində yol verilmiş hüquq pozuntularının qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi və cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədi ilə prokurorluq orqanlarından daxil olmuş 7 təqdimat nazirliyin əməkdaşlarının iştirakı ilə bələdiyyələrdə geniş müzakirə edilmişdir.
Göstərilənlərlə yanaşı, qeyd olunmalıdır ki, fəaliyyəti araşdırılan bələdiyyələrdə yerli vergi və ödənişlərin bələdiyyə büdcəsinə ödənilməsinin təmin edilməməsi hallarına daha çox yol verilir. Bir çox bələdiyyələrdə vergi uçotunun lazımi qaydada təşkil edilməməsi onların büdcəsinin formalaşdırılmasına mənfi təsir edir. Eyni zamanda, bələdiyyə aktlarının elektron qaydada açıqlanmaması da aktual problemlərdən biridir. Bununla bağlı maarifləndirici tədbirlərin keçirilməsinə baxmayaraq, hazırda bələdiyyələrin çoxunda internet saytlarının yaradılması tam başa çatdırılmamışdır. Bu sahədə şəffaflığın təmin edilməməsi bələdiyyələrin fəaliyyəti barədə əhalinin məlumatsızlığı ilə nəticələnir ki, bu da öz növbəsində ictimai nəzarətin həyata keçirilməsinə mane olaraq korrupsiya hallarına yol verilməsinə şərait yaradır.
Yerli özünüidarənin bir sıra aktual məsələləri üzrə forumlar, konfranslar, bir çox tədris kursları, seminarlar, təlimlər və digər tədbirlər təşkil olunmuş, kütləvi infor-masiya vasitələrində çıxışlar edilmişdir. Bələdiyyələrin  maarifləndirilməsinə yönələn tədbirlər, eyni zamanda, digər aidiyyəti dövlət orqanları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.
2014-cü ilin dekabr ayında keçirilmiş bələdiyyə seç-kilərindən sonra bələdiyyə üzvlərinin, həmçinin sədrlərinin tərkibinin yarıdan çox dəyişilməsi nəzərə alınaraq 2015-ci ildə onların maarifləndirilməsinə xüsusilə diqqət artırıl-mışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Ədliyyə Akademiyası ilə birgə 24 tədris kursu keçirilmiş və bu kurslara 940 nəfər bələdiyyə üzvü və qulluqçusu cəlb edilmişdir. İl ərzində isə 84 seminar keçirilmiş və bu seminarlarda iştirak edən bələdiyyə üzvü və qulluqçularının dairəsi genişləndirilərək onların sayı 5090-a çatmışdır.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tə-rəfindən 17 seminar keçirilmiş, həmin tədbirlərə 931 bə-lədiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur. Bütövlükdə il ərzində 125 maarifləndirmə tədbiri keçirilmiş və bu təd-birlərə 7000-ə yaxın bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur. Tədris kursları və seminarların proqramlarında aktual mövzulara önəm verilmiş, bələdiyyələrin təklif və tələbatları nəzərə alınmışdır. Mövzular, əsasən, şəffaflığın artırılması, yerli büdcənin formalaşdırılması və ondan istifadə, əmək qanunvericiliyi, arxiv işinin təşkili, yerli vergi və ödənişlər və sair məsələlərlə bağlı olmuşdur. Maarifləndirmə tədbirlərinin təşkilində və keçirilməsində nazirliyin regional ədliyyə şöbələrinin imkanlarından geniş istifadə olunmuşdur. İl ərzində 3 metodik vəsait və qanunvericiliyə edilmiş yeni dəyişikliklərlə bağlı bələdiyyələrə müvafiq tövsiyələr hazırlanmışdır. Eyni zamanda, “Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteni”nin 4 nömrəsi nəşr olunmuşdur. Maarifləndirmə tədbirlərinin planlaşdırıl-ması, keçirilməsi işində bələdiyyələrin milli assosiasiyaları ilə fəal əməkdaşlıq edilmiş, onların rəy və təklifləri öyrənilmişdir. Yerli özünüidarəetmə məsələlərinin həllində milli assosiasiyaların rolu daha da artmışdır. Onlar bələdiyyələrin üzləşdikləri problemlərin həllində fəal iştirak edir, bələdiyyələri ölkəmizdə və xaricdə layiqincə təmsil edirlər. Hər il olduğu kimi, 2015-ci ildə də milli assosiasiyaların təşkilatçılığı ilə “Yerli demokratiya həftəsi” keçirilmişdir. Bu tədbirlər çərçivəsində yerli əhali ilə çoxsaylı görüşlər keçirilmiş, seçicilərin rəy və təklifləri öyrənilmişdir. Yerli özünüidarə sahəsində beynəlxalq əməkdaşlıq davam etdirilmiş, aidiyyəti dövlət və yerli özünüidarə orqanları ilə əlaqəli şəkildə bir sıra tədbirlər təşkil edilmiş və ya belə tədbirlərdə iştirak edilmişdir.
Demokratik inkişafın təmin edilməsi, yerli özünüidarənin yaxşılaşdırılması istiqamətində Milli Məclisin qəbul etdiyi qanunlar da çox önəmlidir. “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanun qəbul olunmuş, bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsini təmin etmək məqsədi ilə “Bələdiyyə qulluğu haqqında” Qanuna dəyişikliklər edilmiş, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası” təsdiq edilmişdir. Bu normativ hüquqi aktlar yerli demokratiyanın inkişaf etdirilməsinə, bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsinə, kadr işinin səviyyəsinin yüksəldilməsinə yönəlmişdir. Göstərilənlərlə yanaşı, torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə 2015-ci il 30 sentyabr tarixli qanunla müvafiq dəyişikliklər edilərək yeni normalar müəyyən edilmişdir.
Hörmətli deputatlar, bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması və korrupsiya hallarının qarşısının alınması məqsədi ilə aşağıdakı təklifə baxılması məqsədəuyğun hesab olunur. “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq dövlət qurumlarında satınalmaların şəffaflığı təmin edilir. Bələdiyyələrdə isə satınalmalar qanunla tənzimlənmədiyi üçün müəyyən çətinliklər yaranır. Ona görə də bələdiyyə satınalmalarına dair qanunun qəbul edilməsi bu sahədə şəffaflığın artırılmasına kömək edə bilər. Sonda demək istəyirəm ki, bələdiyyələrin fəaliyyətinin qanunauyğun həyata keçirilməsini təmin etmək üçün zəruri olan tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Vilayət müəllim, əyləşin. Regional məsələlər  komitəsinin sədri Arif Rəhimzadəyə də söz verək. Buyurun, Arif müəllim.
A.Rəhimzadə,  Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Hörmətli həmkarlar, hörmətli müzakirə iştirakçıları! Ədliyyə nazirinin müavini Vilayət Zahirovun məruzəsindən göründüyü kimi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan 2015-ci ildə xeyli iş görmüşdür. Nazirlik və onun bələdiyyələrlə iş mərkəzi bu sahədəki fəaliyyətini daim təkmilləşdirir, bələdiyyələrin işinin yaxşılaşmasına və qanunvericiliyin tələblərinə riayət olunmasına diqqəti artırır. Hesabat dövründə nazirlik bələdiyyələr tərəfindən qəbul edilmiş aktların hüquqi ekspertizasını keçirmiş, bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxmış, metodiki vəsait və qanunvericiliyə edilmiş yeni dəyişikliklərlə bağlı müvafiq tövsiyələr hazırlamış və bələdiyyələrə çatdırmışdır. Bələdiyyə seçkilərindən sonra bələdiyyə üzvlərinin və sədrlərinin tərkibinin dəyişməsi nəzərə alınaraq onların maarifləndirilməsinə diqqət artırılmışdır. Bu sahədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və nazirliyin Ədliyyə Akademiyasının müsbət fəaliyyəti qeyd olunmalıdır. Yerli özünüidarə orqanlarının qanunsuz hərəkətlərinə qarşı barışmaz mövqe, idarəetmənin təkmilləşdirilməsi, demokratik normaların, prinsiplərin gözlənilməsi bələdiy-yələrin işinin yaxşılaşdırılmasına öz təsirini göstərmişdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin illik məruzəsinə Regional məsələlər komitəsinin iclasında da baxılmış, Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci il 20 may tarixli iclasdakı çıxışında bələdiyyələrin fəaliyyətini ciddi tənqid etmişdi. Düşünürəm ki, tənqid bilavasitə bələdiyyələrə ünvanlansa da, cənab Prezidentin sözlərindən Ədliyyə Nazirliyi də, digər dövlət orqanları da və bütövlükdə hamı-mız nəticə çıxarmalı, əməli işimizlə nöqsanların aradan qaldırılmasına nail olmalıyıq. Nəzarət, qanunsuz fəaliyyətin  qarşısının alınması, təşkilatların cəzalandırılması, bələdiyyə üzvlərinin və qulluqçularının peşə biliklərinin artırılması çox dəyərli və lazımi işdir, lakin bununla kifayətlənmək olmaz. Nazirlik yerli özünüidarə orqanlarının qarşısında duran və öhdəsindən gələ bilmədikləri bir çox məsələlərin həllinə kömək etməlidir. Fəaliyyətlərini qurmaq üçün bələdiyyələrin müvafiq büdcəsi olmalıdır. Azərbaycan bələdiyyələrinin 61 faizinin əhalisinin sayı 1000 nəfərdən 4000 nəfərədəkdir. Proqnoza görə bu qəbildən olan bələdiyyələrin büdcəsi      13–17 min manat civarında hesablanır. Faktiki olaraq bundan 15–20 faiz az vəsait toplanır. Bu vəsaitlə bələdiy-yələr hansı işi görə bilərlər? Bir çox bələdiyyələr heç işçilərinə məvacib verə bilmirlər. Onların Sosial Müdafiə Fonduna 20–40 min manat borcları var və büdcələrinə pul daxil olanda dərhal fondun hesabına  köçürülür. Respublika  bələdiyyələrinin 14 faizinin əhalisi 1000 nəfərə qədərdir. Onların vəziyyəti daha acınacaqlıdır. Belə bələdiyyələr tənqid edilsələr də, cəzalandırılsalar da vəziyyət düzəlməyəcək, onlara dövlət kömək etməlidir, qanunvericilik buna imkan verir.
2014-cü ildə “Büdcə sistemi haqqında” Qanuna edilən düzəlişə görə müəyyən layihələrin icrası üçün bələdiyyələr subvensiya almaq hüququna malikdirlər. Lakin nə 2015-ci ildə, nə də 2016-cı ildə subvensiyaya vəsait ayrılmayıb. Dövlət büdcəsində heç müvafiq sətir də açılmayıb. Büdcədə builki gərginliyi anlayırıq. Ancaq bu şəraitdə də bələdiyyələrə ayrılan dotasiyanın bir hissəsi subvensiya yolu ilə istifadə oluna bilərdi və bu, daha çox səmərə verərdi. Ümumiyyətlə, bələdiyyələrə ayrılan vəsaitin həcmi artırılmalıdır. Azərbaycanda təxminən 1,9 milyon ev təsərrüfatı mövcuddur.  2014-cü ildə bunlardan 4,5 milyon manat vergi yığılıb. Bu da hər binadan 2 manat 40 qəpik təşkil edir. Bu rəqəm azı 5–6 dəfə artırıla bilər. Mən 2014-cü ilin rəqəmini sizə dedim, 2015-ci ildə yığım daha az olub. Düzdür, verginin bələdiyyə tərəfindən yığılmasına diqqət var. 2015-ci ilin əvvəlindən bu verginin poçt vasitəsilə, bank və digər köçürmə yolu ilə, yəni nağdsız yolla qəbulu nəzərdə tutulurdu. Bir var, bələdiyyə gedir, danışır, inandırır, yeri gələndə başqa bir üsuldan da istifadə edir və  vergisini alır. Bir də var, söhbət edir, deyir ki, sən vergini verməlisən. Vergi verən insan da deyir ki, sabah verərəm, birigün verərəm, sonra da vermir. Bütövlükdə bu vergi demək olar ki, yığılmır.
Digər problem o problemdir ki, bunun üzərindən bələ-diyyə heç bir şey eləyə bilməz. Qeydiyyata götürülməyən və vergi verməyən təsərrüfatların sayı ilbəil artır. Respubli-kanın bütün şəhər və rayonlarında  minlərlə təzə çox-mərtəbəli binalar, fərdi evlər istifadəyə verilib. Elə binalar var ki, orada 5–6 ildir və ya daha çox müddətdir,  sakinlər yaşayır, lakin bina istismara qəbul edilməyib, sakinlər qeydiyyata götürülməyib. Ona görə də bundan istifadə edərək vergi vermirlər. Ümumiyyətlə, deməliyəm ki, bələ-diyyələrin vergi yığmasına təsir etmək imkanları çox məhduddur. Bu məsələ ilə əlaqədar Regional məsələlər komitəsində təklif hazırlanıb və biz onu müvafiq təşkilata göndərəcəyik. Ümid edirik ki, onlar bu məsələyə həssaslıqla yanaşacaqlar.
Bələdiyyələrin büdcələri qanunla onlara çatası sanatoriya-kurort və mehmanxana rüsumlarından, küçə reklamının yerləşdirilməsi və yayımı üçün ödənişlərdən, qanunla müəyyən edilmiş digər vergi və ödənişlərdən bəhrələnə bilmirlər. Dəfələrlə deyilib, lakin indiyə qədər bələdiyyələrin  heç də hamısı mülkiyyətlərində olan torpaqların xəritələrini əldə edə bilməyiblər.
Yarandıqları gündən bələdiyyələr müəyyən inkişaf yolu keçiblər. İşini lazımınca qura bilməyən, qanun pozuntularına yol verən, seçicilərin nüfuzunu qazana bilməyən bələdiyyələrlə bərabər yerli özünüidarəyə hörmət gətirən, müsbət işi ilə fərqlənən bələdiyyələr də var. Əfsuslar olsun ki, bu haqda nadir hallarda danışılır və məruzədə bu barədə bir kəlmə də yoxdur. Yəni Azərbaycanda 10–15 yaxşı bələdiyyə yoxdur ki, onun adını deyək?  Yerli özünüidarə orqanlarının fəaliyyətindəki qabaqcıl təcrübənin təbliğində və geniş yayılmasında, qanunların şərhində, işdə olan nöqsanların aşkarlan-masında, bələdiyyə–əhali münasibətlərində qarşılıqlı öhdəliklərin açıqlanmasında, ictimai rəyin formalaş-masında televiziyanın geniş imkanlarından istifadə olunmur. Məclisdə dəfələrlə deyilib, lakin bir nəticə yoxdur.
Ümumiyyətlə, qəribə vəziyyət yaranıb. Burada verilən təkliflərə, deyilən iradlara bir qayda olaraq heç bir reaksiya verilmir. Özümüz deyib, özümüz eşidirik. Düzdür, istisnalar da var. Nazirlər Kabinetinin hesabatı ilə bağlı səslənən təkliflərin, müraciətlərin hamısı cavablanır. Xüsusi şərh olunmuş hesabat formasında hər birimizə çatdırılır. Arzu etmək olardı ki, digər, ilk növbədə Milli Məclisə hesabat verən qurumlar da bu təcrübədən istifadə etsinlər. Ən yaxşı hal kimi təklif edirəm, Milli Məclis deputatlarının plenar iclaslardakı tənqidi qeydləri, təklifləri müvafiq dövlət orqanlarına göndərilsin, cürətimiz çatsa, onlardan cavab da tələb eləyək. Bələdiyyələr Azərbaycanın dövlətçiliyində, onun idarəetmə strukturunda çox vacib bir qurumdur. Mən bu qurumun Azərbaycanda həqiqətən yüksək səviyyəyə çatması, onun üzərinə düşən vəzifələrin icrasına nail olunması üçün hamımıza uğurlar arzulayıram. Sağ olun.                                
Sədrlik edən. Sağ olun. Arif müəllim, Siz çıxış elədiniz, mən heç kimin xətrinə dəymək istəmirəm, keçən il də eynilə belə hesabat olub, indi 20 nəfər millət vəkili çıxış eləməyə yazılıb. Keçən il də eyni qaydada olub. Nə var bu hesabatda? Siz buna komitədə də baxmısınız.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də onu deyirəm, komitədə də baxmısınız. Hər il hesabat olur. Mən çıxış eləmək istəmirəm. Lap ilk dövrlərdən bələdiyyələr haqqında bir az pis fikir formalaşmışdı, deyirdilər ki, bələdiyyələr yalnız torpaq satmaqla məşğuldurlar, bunlar hamısı kənara qoyulmalıdır. Bələdiyyələrə şərait yaratmaq lazımdır, onlara dəstək vermək lazımdır. Ancaq onlardan da bir hərəkət olmalıdır. Bələdiyyələr tərəfdən belə bir tələb, hərəkət yoxdur ki, onlara bu dəstək verilsin. Lazım olan bəzi təşkilatlara müraciət edərik, onların vergi yığımı məsələsində hansısa sanksiyalar qoyula bilər, nəsə edilə bilər ki, bunlar vergilərini yığsınlar. Ancaq özlərindən də bir təşəbbüs olmalıdır.
Deyirsiniz ki, bəzi bələdiyyələr yaxşı işləyirlər. Necə olur ki, 10 bələdiyyə yaxşı işləyir, 1000 bələdiyyə pis işləyir. Deməli, başdan düzgün sistem qurulmayıb. Bu məsələ üzərində çox xahiş edərdim ki, ciddi fikirləşək. Bələdiyyələrin hesabatını artıq formal bir hesabata çevirməyək, il gəldi, hesabat verdilər, bununla bitdi. Biz dəstək vermək üçün onların özlərində bir hərəkət olmalıdır, onların özlərindən təşəbbüs gəlməlidir. Təkliflərinizi verin. 20 nəfər millət vəkili yazılıb, müzakirələri 5 dəqiqə eləyək. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən çıxışımın əvvəlində hörmətli Arif Rəhimzadəyə təşəkkür etmək istəyirəm ki, kifayət qədər ciddi məsələlərə toxundu. Bu gün bizə təqdim olunan mə-sələyə, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyəti ilə bağlı məruzəyə, əslində, hansısa iradım yoxdur. Çünki öz funksiyasını dəqiq yerinə yetirən qurumlardan biridir. Amma hərdən mən fikirləşirəm ki, bu qurumun fəaliyyəti kifayət qədər darıxdırıcı fəaliyyətdir, çünki bələdiyyələrin fəaliyyətinin nədən ibarət olduğunu araşdırmaq olduqca mürəkkəb, ağır bir məsələdir. Səlahiyyəti və büdcəsində vəsaiti olmayan, öz  işçilərinin əmək haqqını verə bilməyən qurumun hansı fəaliyyətindən ciddi söhbət gedə bilər? Vaxtilə torpaq boşluğu var idi, oradan nəsə gəlir götürə bilirdilər, indiki şəraitdə isə vergilərini belə yığa bilmirlər və yaxşı işləyən bələdiyyə kateqoriyasına kimlər daxildir, o da sual altındadır. Araşdırsan, görərsən ki, bəlkə 3–5 bələdiyyə öz xərclərini minimum səviyyədə ödəyə bilir. Mən gözləyirdim ki, bu gün bu sənəd təqdim olunanda ölkənin yaşadığı təlatümlü iqtisadi vəziyyət nəzərə alınaraq hansısa islahat paketi  təqdim olunacaq. Məsələ qaldırılacaq ki, necə eləyək, bələdiyyələr dirçəlsin. Artıq bu gün onu müzakirə eləməliydik. Yoxsa hesabatı müzakirə elədik, səs verdik, getdi, bununla yerli özünüidarəetmədə bir dəyişiklik baş verməyəcək.
Biz Konstitusiyada Milli Məclisə də bu istiqamətdə  səlahiyyətlər vermişik. Bələdiyyələri araşdırın, görün, Konstitusiyada nəzərdə tutulan yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf proqramları, yerli ekoloji proqramlar, bunlardan hansı ictimaiyyətə açıqlanıb, onların bu sadaladıqlarımdan heç birini həyata keçirmək imkanları yoxdur. Adi bir reklamdan pul yığmaq imkanları yoxdur. Hamısı Sosial Müdafiə Fonduna borcludurlar. Bankdan daxil olan vəsait dərhal o fondun borclarının ödənməsinə gedir. Ona görə də bunun üzərində düşünün.
Bu gün artıq qərar verməliyik. Məsələn, Ağstafada rayon bələdiyyələri də var, icra nümayəndəsi də var. Bu qədər çoxşaxəli quruluşa nə ehtiyac var?  Rayon icra haki-miyyətini başa düşdük, ancaq rayon tabeliyində olan şəhər-lərdir, kəndlərdir, hamısında bu səlahiyyət bələdiyyələrə verilməlidir. Artıq yerli özünüidarə inkişaf etməlidir. Dəfələrlə məsələ qaldırdıq ki, Bakı şəhər bələdiyyəsi yaradılmalıdır. Təsəvvür edin ki, Bakı şəhərində bu qədər layihələr həyata keçirilir, özü də müzakirə olunmadan, təktərəfli bir qərarla, inzibati aktla həyata keçirilir. Şəhərdə olan arxitektura xarakterli binaların böyük əksəriyyəti sökülür. Bu günlərdə mətbuatda da getmişdi, Abbas Mirzə Şərifzadənin yaşadığı üçmərtəbəli arxitektura tipli evin sökülməsi nəzərdə tutulur. Onlarla belə binalar söküldü, halbuki başqa ölkələrdə axtarırlar ki, 3–4 arxitekturalı bina olsun, onu təmir eləyib, turistlərə, qonaqlara göstərsinlər ki, bizim belə təbii sərvətlərimiz var, biz bunları qoruyuruq. Ona görə bələdiyyə olsa, qərardan keçər, müzakirədən keçər və kiminsə təktərəfli aktı, qərarı ilə həyata keçirilməz. Sonra bu səhvləri yığışdırmaq olmur. Necə ki, Bakı şəhərində bələdiyyə olsa idi, heç vaxt imkan verməzdi ki, tramvay xətti yığışdırılsın. Onun dəmiryol relslərini satdılar. Kimsə 5–10 manat pul qazandı, amma indi Bakı şəhərində  nəqliyyatın yükünü azalda bilmirik. Düzdür, dəmiryolu ilə bağlı nisbətən islahatlar getdi, müəyyən düzəlişlər oldu, amma bu, şəhərin yükünü daşımağa bəs etmir. Metro da bu yükü daşıya bilmir. Ona görə bu məsələləri düşünmək lazım idi.
Bu baxımdan hesab edirəm ki, bələdiyyələrin, – 1607 bələdiyyə var, –  səlahiyyətlərini artırmasaq,  bələdiyyələrin əvəzinə bütün qərarları icra hakimiyyətləri versə, bu qurumun bir mənası qalmır, fəaliyyətinin də səmərəsi olmayacaq. Ona görə biz bu gün hətta iqtisadi böhran şəraitində bələdiyyələri dirçəltməliyik. Heç olmasa, yerlərdə lokal səviyyədə problemlər həll olunsun, vətəndaş dövlətin yaxasından bu qədər yapışmasın, kommunal problemlərini, təsərrüfat problemlərini, kiçik məsələləri həll etmək iqtidarına sahib olsun, bunu əli çatan adamlardan tələb eləyə bilsin. Bunlar olmayınca, bu hesabatların da səmərəsi olmayacaq. Mən bu hesabata müsbət səs versəm də, problemin həll olunmadığını diqqətinizə çatdırmaq istəyirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə bu fəaliyyət haqqında geniş məlumat verildi. Məruzədən də göründüyü kimi, həm ölkədə seçilmiş bələdiyyələrin müəyyən qədər öz işlərinə məsuliyyətlə yanaşmasının, həm də Bələdiyyələrlə İş Mərkəzinin müsbət fəaliyyətinin nəticəsidir ki, 2014-cü illə müqayisədə qanunpozmaların sayı 2015-ci ildə kifayət qədər azalmış, məhkəmələrdə inzibati məsuliyyətə cəlb olunma hallarının sayı 381-dən 330-a enmişdir. Həm də 2014-cü illə müqayisədə 2015-ci ildə vətəndaşların bələdiyyələrin fəaliyyəti ilə bağlı müra-ciətlərinin sayında da azalma müşahidə olunub. Bu müsbət dinamikanı xüsusi qeyd etmək istəyirəm. Bununla yanaşı, Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan həm də Bələdiyyələrlə İş Mərkəzi olduğuna görə bələdiyyələrin fəaliyyətinin daha da yaxşılaşdırılması ilə bağlı bir neçə təklifimi bildirmək istəyirəm.
“Bələdiyyələrin statusu haqqında” Qanunun 52-ci mad-dəsinin üçüncü bəndində qeyd olunur: “Bələdiyyələr hər il yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə hesabat verir”. Qeyd etmək istəyirəm ki, əksər bələdiyyələrdə bu hesabat iclasları keçirilmir. Bələdiyyəni seçmiş vətəndaşlar bələdiyyənin fəaliyyəti haqqında məlumatlı olmur, ona görə də vergi istəməyə gələndə vətəndaşlar deyirlər ki, bələdiyyənin fəaliyyətini görmürük. Təklif edirəm ki, Bələdiyyələrlə iş mərkəzi bu hesabatların keçirilməsində yaxından iştirak etsin.  İllik  hesabat iclaslarında iş mərkə-zinin nümayəndəsi imkan daxilində iştirak etsin və bələdiyyələrin işi barədə vətəndaşların rəyi öyrənilərək  inzibati nəzarət həyata keçirilsin. Belə olarsa, bələdiyyələr öz işlərini daha şəffaf qurar və korrupsiya hallarına yol verilməz, həm də vətəndaşların bələdiyyələrə inamı artar.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun  9.7-ci maddəsində qeyd olunur: “Bələdiyyələr satışa çıxarılan torpaq sahələrinin  ölçülərini, təyinatını, qiymətini, olduğu yeri göstərən elanlar vasitəsilə əhalini məlumatlandırır, ildə bir dəfə torpaqlarının dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar”. Bələdiyyələrdə bu iş düzgün qurulmadığından vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün torpaq alınmasında müəyyən çətinliklərlə qarşılaşırlar. Qəbula gələn vətəndaşlar bələdiyyələrə fərdi ev tikintisi ilə əlaqədar xeyli sayda müraciət etmələrinə baxmayaraq, torpaq ala bilməmələrindən narazılıqlarını bildirirlər. Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanının hesabatında  torpaqların satışında şəffaflığın təmin olunması istiqamətində görülən işlər haqqında da məlumat verilsə idi, yaxşı olardı. Bu işdə şəffaflığın təmin olunmasında yaxından iştirak etmələrini xahiş edirəm.
Biz həmişə bələdiyyələrin maliyyə vəsaitlərinin olma-ması, maliyyə imkanlarının aşağı olması və bununla əlaqə-dar fəaliyyətlərini lazımınca qura bilməmələrindən danışırıq. “Yerli vergilər və ödənişlər haqqında” Qanunda qeyd olunur ki, bələdiyyələr yerli büdcə, torpaq və əmlak  vergisi yığmaqla kifayətlənməməlidirlər. Həm də bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamlarının yerləşdirilməsi və yayımına görə, bələdiyyə ərazisində yerləşən  otel, sanatoriya və turizm xidmətlərinə görə, habelə dayanacaqlara görə ödənişlər yerli büdcələrə cəlb edilməlidir.
Bələdiyyələr hüquqi şəxs yaratmaq üçün gəlir əldə edə, həm də investorları cəlb etməklə bələdiyyə ərazisində hüquqi şəxslər yarada bilərlər. Bu, əlavə maliyyə mənbəyi olmaqla yanaşı, həm də əlavə iş yerlərinin yaradılmasında dövlət siyasətinin həyata keçirilməsi olar. Düşünürəm ki, Ədliyyə Nazirliyi bələdiyyələrə maliyyə imkanlarının genişləndirilməsi istiqamətində qanunla yaradılmış bütün imkanlardan səmərəli istifadə edilməsində yardımçı olacaq. Gələcək hesabat məruzəsində bu sahəyə də toxunulsa, daha yaxşı olar. Sonda qeyd etmək istəyirəm ki, yuxarıda sadaladığım istiqamətlər bələdiyyələrin cəmiyyətdə rolunun artmasında əhəmiyyətli olacaqdır. Ədliyyə Nazirliyinin müvafiq qurumu da bu işdə daha yaxından iştirak eləməlidir.  Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Hörmətli cənab Sədr, mən ilk növbədə Sizə və hörmətli Arif Rəhimzadəyə təşəkkür edirəm ki, çox obyektiv və real bir diskussiyanın getməsi üçün mövqe göstərdiniz. Biz artıq bələdiyyə orqanlarının yaradılmasından 17 il keçdiyini qeyd eləyirik və bu dövr ərzində 25 qanun layihəsinin qəbul olunmasından danışırıq. Bu dövr kifayət edirdi ki, biz, nəhayət, Azərbaycan cəmiyyəti üçün bələdiyyə orqanlarının timsalında nəyi yaratmaq istədiyimizi elan edək. Bələdiyyə orqanlarının ilk addımda yaradılmasının mənası demərkəzləşmə idi. Yəni dünyada belə bir prinsip qəbul olunub ki, bütün hakimiyyət, səlahiyyət,  vəzifələr yalnız hakimiyyət orqanlarında, dövlət təsisatlarında olanda bu, demokratik sistemin işləməsinə çətinlik törədir.
Xalqın özünüidarəyə cəlb olunması üçün  yerli özünüidarə orqanı yaratmaq lazımdır. 17 il ərzində biz icra hakimiyyəti orqanlarını inandıra bilməmişik ki, bələdiy-yələrin hətta yarımmüstəqilliyi onların hakimiyyətinə heç bir mənfi təsir göstərməyəcək. Çünki Azərbaycanda icra hakimiyyəti orqanları, sadəcə, hakim partiya üzvlərindən, bələdiyyələr isə başqa partiya üzvlərindən ibarət deyil, baxmayaraq ki, qanun bütün qüvvələrin orada iştirakına yol verir. Ola bilməz ki, biz icra orqanlarında Yeni Azərbaycan Partiyası üzvlərinin dövlətə necə sədaqətli olduğunu görüb də,  deyək, bunlar bələdiyyədə  uğursuz olacaqlar. Ona görə də biz sadə bir suala cavab verməliyik. Tez-tez mediada da oxuyuruq, filan icra hakimiyyəti başçısı öz bələdiyyə üzvünə barmaq silkələdi ki, sənə 10 gün vaxt verirəm, dərhal cavab verməlisən. Bu 10 gün ərzində icra başçısı düşünməlidir, yoxsa bələdiyyə üzvü düşünməlidir? Axı, icra hakimiyyəti orqanının bələdiyyəyə xəbərdarlıq eləməyə nə haqqı var? Bu, xalqın seçdiyi orqandır. Biz bu sualı, nəhayət, həll eləməliyik. Mən hesab eləmirəm ki, bütün səlahiyyətlər  bələdiyyəyə verilən kimi onlar çox ideal şəkildə işləyəcəklər. Onlar da azərbaycanlıdırlar. Hörmətli Vilayət müəllimin dediyi kimi, onlar da eyni səhvlərə yol verəcəklər.
Dünyada bir norma qəbul olunub. Məsələn, biz tez-tez Türkiyədən danışırıq, orada valilik institutu var, bələdiyyə orqanları var. Bələdiyyə sisteminə seçkilər hakimiyyət mə-sələsini həll edir. Yaxşı, bizdə hakimiyyət məsələsini həll eləməsin. Amma bələdiyyəyə biz bu müstəqilliyi verəndə, onun imkanı olar ki, Azərbaycan vətəndaşının ödədiyi ver-gilərin nəticəsində kəndin yolunu, izini, bağçasını və sairi təmir etdirsin. İndi burada deyildi, vətəndaş vergini niyə vermək istəmir?  Subvensiya veririk, bələdiyyəyə çatmadı-ğını deyirik. Dotasiya veririk, çatmadığını deyirik. Hörmətli Arif müəllim dedi, cəmi 15 faiz imkanı var, yerdə qalanlar, sadəcə, addır. Niyə? Çox sadə səbəbi var. İcra hakimiyyəti orqanları, nəhayət, bilməlidirlər ki, onların üstündən  yük azalacaq. Hörmətli cənab Sədr, daha yaxşı olmazmı ki, vətəndaşlar gəlib, dövlət orqanlarından, parlament üzvlərindən iş yeri tələb eləməkdənsə, orada əl-ələ verib dediyimiz yerli layihələri, həyata keçirsinlər? Ona görə biz, nəhayət, 25 qanunun üstünə bir dənə də mühüm qanun qəbul eləməliyik.
Yaxşı, Mehdi Səlimzadə və ya Vilayət Zahirov  Ədliyyə Nazirliyi vasitəsilə bələdiyyələrin hansısa qərarlarının yanlış olduğunu dedilər və sair. Bunları torpaqsatan imicindən çıxarmaq istəyiriksə, onlara ya, doğrudan səlahiyyət və  müstəqillik verməliyik, ya da bələdiyyə institutunu ləğv eləməliyik. Ona görə hesab edirəm ki, bizim bu dövr ərzində kifayət qədər imkanımız olub ki, bu dövlət idarəçilik sisteminin oturuşması fonunda bələdiyyə orqanlarının fəaliyyətinə daha real məzmun verək və gerçəkdən də bu gün Azərbaycan cəmiyyətinin ona ehtiyacı var. Hörmətli Fazil bəy burada qeyd elədi.
Cənab Sədr, mən Sizi inandırıram ki, Azərbaycan bölgə-lərində, Azərbaycanın torpaq sahələrində bir milyona qədər iş potensialı var. Bu gün Bakının ərazisi təxminən 2000 kvadrat kilometrdir. Ermənilərin işğal etdikləri torpaq sa-hələrindən  sonra 69 min kvadrat kilometr ərazimiz var. Bunun 2000-nini çıxın. Yerdə qalan ərazinin ümumi daxili məhsula verdiyi pay çox kiçikdir. Niyə? Çünki əhalinin 4 milyonu gəlib, Bakıda məskunlaşıb. 4 milyon da bölgələr-dədir. Bu bölgələrdə vətəndaşın işlə təmin olunmasının bi-rinci mənbəyi torpaqdır. Torpağı qoyub Bakıya gələn və kirayədə yaşayan insan geri qayıtmağı üçün görməlidir ki, bələdiyyəyə verdiyi pul sonradan onun yoluna, subartezian quyusuna, başqa təmir işlərinə qayıtdı. İş yerlərinə, bələdiyyə kreditlərinə qayıtdı. Bələdiyyə üçün ipotekaya qayıtdı və sair. Onda mən inanıram ki, hörmətli Arif müəl-limin növbəti ildəki məruzəsinin stili də, tənqid ruhu da dəyişəcək. Bunu hamımız istəyirik, çünki bələdiyyə də, icra hakimiyyəti orqanı da, Azərbaycan insanı olaraq biz də cənab Prezidentin o tənqidini dərk eləyirik ki, bu ölkənin...
Sədrlik edən. Çox sağ olun, Zahid müəllim. Mən görürəm, hamı tənqidi notlarla getmək istəyir. Keçən dəfə Konstitusiyada dəyişiklik olanda Milli Məclisin üzərinə qoyuldu. Elədirmi? İndi  tam səmimi əlimizi qoyaq ürəyi-mizin üstünə, deyək, biz Milli Məclis olaraq bələdiyyələr üçün nə eləmişik?  Qanunlar qəbul eləmişik. Bu qanunlar qəbul ediləndən sonra onların icrasını normal təmin edə bilmişikmi? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Demək, bizim də boynumuza çox iş düşür. Bələdiyyələrə dəstək olmaq üçün biz gərək qəbul elədiyimiz qanunların icrasında bunlara dəstək olaq. Mən hesab edirəm, bu, gələcək bələdiyyələr ilə işləmək üçün bir nömrəli məsələdir. İkinci məsələdə söhbət nədən gedir? İkinci məsələ budur ki, bələdiyyələrin özündə hərəkət olmalıdır. Özlərinin təşəbbüsü olmalıdır. Milli Məclisə gəlməlidirlər, komitəyə gəlməlidirlər, məsələlərini həll eləməlidirlər.
Bir köhnə misal var, ağlamayana süd verməzlər. Yəni işləmək üçün təşəbbüs göstərməli və bizdən də istifadə eləməlidirlər. Bizim bələdiyyələrdən başqa yüz dənə dər-dimiz, işimiz var, qanunlar qəbul edirik. Gəlib yaxamızdan tutmalıdırlar ki, bu qanunu qəbul eləmisən, mən icra eləyə bilmirəm, kömək elə mənə. Bu hərəkət də yoxdur. Həqiqətən də, bələdiyyələri hərəkətə gətirmək istəyiriksə, bu işimizi  ikitərəfli qurmalıyıq. Mən hesab edirəm ki, bu məsələdə hamımız eyni istiqamətdə gedəcəyik. Əgər təkid eləyən yoxdursa...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fərəc Quliyev, bir də Kamran Bayramov söz istəyir. Fərəc Quliyevə söz verək.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən hesab edirəm ki, bu dövrün tələbləri ilə bağlı yeni çağırışlar ortaya çıxıbdır və Prezidentin son vaxtlar verdiyi ardıcıl sərəncamlar həm ölkədəki, həm də ümumiyyətlə, dünyadakı vəziyyətlə ayaqlaşan, müəyyən çətinlikləri aradan qaldırmaq üçün hesablanan sərəncamlardır. Burada bələdiyyələrin də üzərinə müəyyən qədər iş düşür. Biz bu strukturdan vaz keçməli və ya onun imkanlarından faydalanmamaq yolunu tutmalı deyilik. Bəlkə də  bələdiyyələrin statusunun artırılmasına indi daha çox baxılmalıdır və bu statusun artırılması yerli icra hakimiyyəti orqanlarının statuslarının azalması hesabına olmalıdır. Bəzən bu statusdan bəzi şeylərin götürülməsi icra hakimiyyətinin hüquqlarının azaldılması kimi qəbul olunur. Amma  burada qısqanclıq olmamalıdır. Burada daha çox həmin məsuliyyətin bölgüsü var.
Digər məsələ isə budur ki, hökumətin həddən artıq mərkəzləşdirilməsi problemlərin də mərkəzləşməsinə səbəb olur. Gəlin, etiraf edək ki, bəzən lokal bir problem dövlətin mərkəzləşmiş probleminə çevrilir. Amma yerlərdə icra ha-kimiyyətinin səlahiyyətləri bələdiyyələrə verilsə və yerli idarəçilikdə iştirak təmin edilsə, bu problemlər də lokal xa-rakter daşıyar. Ona görə mən hesab edirəm ki, bələdiy-yələrin işi ilə bağlı çox ciddi şəkildə yeni yanaşmalar lazımdır. Bu hesabat öz yerində, amma mən yenə düşünürəm ki, müvafiq orqanlar bələdiyyələrin fəaliyyətini daha çox  yeni çağırışlara uyğun olaraq formalaşdırmalıdır-lar. Çünki indi heç kimə sirr deyil ki, misal üçün, Bakıda iş yerlərinin, ticarət mərkəzlərinin azalması ilə bağlı olaraq xeyli insanımız, gəncimiz əyalətlərə gedib. Biz onların faydalı çalışmasını təmin eləmək üçün, onların imkan-larından istifadə eləmək üçün real, gerçək addımlar at-malıyıq. Məsələn, tutaq ki, bankçılıq ilə bağlı olaraq yerlərə kredit verilir. Bəzən, məsələn, islam bankçılıq təcrübəsinin elementlərindən faydalanmaq olar. İslam bankçılığında necədir? Kredit verəndə, kreditorun verdiyi layihə təftiş olunur, bundan sonra həm o layihə qiymətləndirilir, həm də bankın özü onunla bərabər məsuliyyət daşıyır və bir az da ona şərik olur. Yəni bank, kreditor və bələdiyyə ilə birlikdə müəyyən yerlərdə layihələr həyata keçirmək olar ki, nəticədə həm əldə vəsait olar, həm də bələdiyyələrin məsələyə əl qoyması sahibkarların daha sağlam və inamlı şəkildə məsələləri həll etməsinə gətirib çıxara bilər.
İkinci bir tərəfdən, Azərbaycan Neft Fondunun vəsaitləri onsuz da xaricdə işlətməyə verilir. O işlətməyə verilən vəsaitlərin bir qismi, – mən bir dəfə də bunu təklif eləmişdim, – həmin faizlə fermer təsərrüfatı qurmaqla  bağlı əyalətlərə gedən gənclərə verilə bilər. Məndə olan məlumata görə, bu faiz 3 faizdən də aşağıdır. 3 faiz hesabı ilə vermək mümkündür. Yerlərdə  torpaq sahəsi ayırmaqla o gənclərin əməyini stimullaşdırmaq lazımdır.
Son vaxtlar, məsələn, mən dünən Rusiya telekanallarını izlədim, Moskvada azərbaycanlılara aid olan 50-dən çox ticarət mərkəzi dağıdılıbdır və bundan sonra da 154-nün sökülməsi haqqında qərar verilibdir. O insanlar da buraya gələcəklər. Onlara şərait yaratmaq üçün yerli icra ha-kimiyyəti orqanlarının, təbii, funksiyaları azaldıla bilər. Amma hələlik ləğv olunmur. Bələdiyyələrlə birlikdə bir çox layihənin həyata keçirilməsi mümkündür. Hesab edirəm, bayaq dediyim kimi,  islam bankçılıq sektorunun işindən,  təcrübəsindən  faydalanmaqla bələdiyyələr, bank və sahib-karların birgə fəaliyyətini stimullaşdırmaq mümkündür. Mən əminəm ki, bələdiyyələrlə əlaqədar orqanlar bizim təkliflərimizi nəzərə alacaqlar. Mən Arif müəllimə də təşəkkür edirəm, o təklifi mən də qaldırmışdım ki, burada  bələdiyyələrlə bağlı verilən təkliflər nəzərə alınsın və növbəti dəfə artıq fəaliyyət proqramına daxil edilsin.
Yeri gəlmişkən, Bakının özündə də, – mən bu məsələni həmişə büdcə müzakirələrində də qaldırıram, indi də bir daha deyirəm, – istilik sistemi, kommunal  və enerji sistemi, o cümlədən su təsərrüfatı sistemi mülkiyyət dövlətdə qalmaq şərti ilə işlətməyə verilməlidir. Burada  bələdiyyələrin də funksiyaları artsa, onlara da vermək mümkündür ki, onlar artıq dotasiya ilə yaşamasınlar,  özləri vəsait qazansınlar və dövlət büdcəsinə də ödəsinlər. Bu və digər məsələlərlə bağlı, məncə, axtarışlar lazımdır. Prezidentin verdiyi islahat xarakterli sərəncamlara və dövrün çağırışlarına uyğun olaraq bələdiyyələr işlərini yenidən qurmalıdırlar. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Kamran Bayramov.
K.Bayramov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən Ədliyyə Nazirliyinin hesabatı ilə bağlı fikir-lərimi komitənin iclasında bildirmişdim və  hazırda onu təkrarlamağa heç bir lüzum görmürəm. Sadəcə olaraq, bir təklifim var ki, növbəti hesabatda Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə qiymət də versin. Çünki orada müəyyən faktlar, rəqəmlər göstərilir, lakin heç bir qiymət verilmir. Eyni zamanda, həmin məruzədə bələdiyyələrin qarşılaşdığı problemlər göstərilməlidir. Onların həlli yollarına dair konkret təkliflər verilməlidir ki, digər aidiyyəti dövlət qurumları bunları nəzərə alıb zəruri tədbirləri həyata keçirə bilsinlər. İndi isə bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra fikirlərimi demək istərdim.
Artıq bir neçə ildir ki, bələdiyyələrimiz bir tənqid, qınaq predmetinə çevrilib. O, torpaq satan, vətəndaşların inamını itirmiş, nəinki seçicilərini, hətta özünü təmin etməyi bacar-mayan bir qurum kimi qələmə verilirdi. Bəlkə də əvvəllər bununla razılaşmaq olardı, mən də bununla razılaşardım. Lakin indiki vəziyyətdə mən bununla qətiyyən razı deyiləm. Çünki bu yaxınlarda rəsmi statistik məlumatlara baxdıq və gördük ki, məsələn, 2015-ci ilin 6 ayı ərzində torpaq satışından əldə olunan gəlir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 51,4 faiz azalıb. Əksinə, digər yerli vergi və ödənişlər üzrə daxilolmalarda artım müşayiət olunur. Bu nə deməkdir? Artıq bələdiyyələrimiz özlərinin əsas vəzifələrini dərk etməyə başlayıblar,  var güclərini  vergi ödənişlərinin yığılmasına səfərbər ediblər. Sübut istəyirsiniz? Buyurun, 2015-ci ildə fiziki şəxslərin əmlak vergisində ötən,  2014-cü illə müqayisədə 19,8 faiz artım olmuşdur. Hələ onu nəzərə alaq ki, 2015-ci ildən bütün ödəmələr bələdiyyələrə nağdsız şəkildə həyata keçirilir.
Digər vergi növləri, məsələn, mehmanxana, dayanacaq və reklam ödənişini götürək, müəyyən artım var. Lakin bu  heç də o demək deyil ki, hər şey qaydasındadır. Bu sahədə də problemlər mövcuddur. Təsəvvür edin, elə bir zaman var idi ki, orada problemsiz yerli vergi və ödəniş yox idi. Mən düşünürəm ki, dövlət qurumları bu barədə müəyyən məsləhətləşmələr aparmalı, bələdiyyələrə bir dəstək göstər-məlidir. Heç kəs unutmamalıdır ki, bələdiyyələr kons-titusional qurumdur, publik  hakimiyyət  orqanıdır. Burada hörmətli həmkarım Zahid Oruc bir fikir səsləndirdi. Hörmət  ilə yanaşıram, amma onların ləğv edilməsi təklifini verdi, mən bununla qətiyyən razı ola bilmərəm. Çünki indi əlavə səlahiyyətlərdən danışırsınız ki, əlavə səlahiyyətlər veril-məlidir. Yaxşı, indi bunlar yerli vergi ödənişlərini tam yığa bilmirlər. Yeni səlahiyyətlər veriləndə də eyni qaydada, yəni yarımçıq yığacaqlar? Əsas məsələ budur ki, onlar indi mövcud olan yerli vergi və ödənişləri tam həcmdə yığa bilsinlər ki, dövlət onlara etibar edib yeni səlahiyyətlər verə bilsin.
Bələdiyyələrin fəallığı ilə də bağlı demək istəyirdim. Bəli, bələdiyyə vergiləri yığılmalıdır. Burada onlara hər kəs dəstək olmalıdır, qorumalıdır. Ədliyyə Nazirliyi maariflən-dirmə tədbirləri keçirməklə qorumalıdır. Vergilər Nazirliyi həmin vergilərin tam həcmdə yığılmasında əməli köməklik göstərməklə qorumalıdır. Ən əsası isə vətəndaşlar qorumalıdırlar. Onlar bu vergiləri tam həcmdə və vaxtında ödəməlidirlər. Bununla bağlı ilk növbədə bələdiyyə vətəndaşlar arasında, əhali arasında  təbliğat işini gücləndirməlidir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İndi səsə qoyacağıq. Mən burada bir fikri  leytmotiv kimi demək istəyirəm. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi yaradılıb. Həmin təşkilat bələdiyyələrə nəzarət eləyir, ancaq bu hesabat tam bələdiyyə hesabatı deyil. Biz Milli Məclis, Regional məsələlər komitəsi, habelə Ədliyyə Nazirliyi olaraq çalış-malıyıq ki,  bələdiyyələrə verilən səlahiyyətləri həyata keçirmələri üçün nə lazımdırsa, edək, onlara dəstək verək. Söhbət təzə səlahiyyətlərdən getmir. Vergilərin yığılmasında nə maneçilikləri varsa, aradan qaldıraq. Elə səlahiyyət vermək lazımdır ki, bunlar vergilərini yığa bilsinlər, ilk növbədə özlərini saxlaya bilsinlər. İndi Fərəc Quliyev dedi ki, onu vermək, bunu vermək istəyirsiniz, amma bələdiyyə hələ öz-özünü saxlaya bilmir. İstixananı verəndə onu saxlamaq var, onun xərci var, o biri var, bu biri var. Yəni bunlar hamısı hesablanmalıdır. Bələdiyyə nə iş görməlidir? Pulu haradan qazanmalıdır? Mən o fikirlə razıyam ki,  şəhər bələdiyyələri reklamlardan qazanmalıdırlar. Çox məsələ var. Biz  dəstək olmalıyıq ki, bunlar bu gəlirlərini yığsınlar, müstəqil işləmək üçün şərait yaratsınlar.
Hesab edirəm, bizim bu görüşümüzün leytmotivi bu olmalıdır ki, bələdiyyələri  ayaqda saxlamaq üçün onlara kömək eləyib, maliyyə vəziyyətlərini düzəltmək lazımdır. Bütün maliyyəni dövlətdən istəmək olmaz. Əgər səlahiy-yətlərinə baxsaq, bələdiyyələrin çox yüksək səlahiyyətləri var. Bunlar yerinə yetirilə bilər. Amma bunları yerinə yetirə bilirlərmi? Gəlin, bu səlahiyyətlərin yerinə yetirilməsi üçün nə lazımdırsa, edək, bunlara dəstək duraq.
Bələdiyyələr haqqında hesabata qulaq asdıq. Çox yüksək səviyyədə hazırlanmış hesabat idi. Öz tövsiyəmizi verdik ki, Milli Məclisdə dinlədiyimiz hesabat zamanı verilən suallar araşdırılsın, gələn iclaslarda onların cavabı verilsin. Əgər etiraz eləmirsinizsə,  məruzənin qəbul edilməsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Vilayət müəllim, hörmətli bələdiyyə nümayəndələri, bir daha sizi təbrik edirik. Bizimlə mütəmadi işləmək lazımdır, biz də bələdiyyələrə dəstək durmalıyıq. Sağ olun. 
Gündəliyin ikinci məsələsi bir məktubla gəlib. Azər-baycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haq-qında və eləcə də “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əmək-daşlıq haqqında” Müqavilənin və onun Proqramının təsdiq edilməsi barədə qanun layihələri. İkinci məsələni buyursun Sahibə Qafarova məruzə eləsin.
S.Qafarova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini.
Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, diqqətinizə təqdim olunan birinci sənəddə, yəni Birgə Bəyannamənin özündə də təsdiqlənir ki, Azərbaycan Res-publikası ilə Belarus Respublikası arasında münasibətlər strateji səviyyədədir. Ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli şəkildə genişləndirilməsi və dərinləşdirilməsi üçün qarşılıqlı siyasi iradə mövcuddur.  Bu bəyannamədə ölkələrimiz arasında istər ikitərəfli əsasda, istərsə də beynəlxalq müstəvidə əməkdaşlığın daha da inkişaf etdirilməsi razılaşdırılmışdır. Burada həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq ilk öncə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına riayət edilməklə həllinin vacibliyi vurğulanır.
İkinci sənəd isə “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əmək-daşlıq haqqında” Müqavilədir. Müqavilə Azərbaycan Res-publikası ilə Belarus Respublikası arasında  sosial-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq yeni addımları, əməkdaşlığın daha da dərinləşdirilməli olduğu iqtisadi sahələri müəyyən edir. İqtisadiyyatın müxtəlif sahələrində, ilk növbədə sənaye və yanacaq-energetika kompleksində, tikintidə, kənd təsərrüfatında və turizmdə qarşılıqlı faydalı əməkdaşlığın artırılması, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və hər iki ölkə bazarına çıxarılması, aqrar sektorda elmi təşkilatlar arasında hərtərəfli əlaqələrin dərinləşdirilməsi ilə bağlı qarşılıqlı razılıq ifadə olunur. Digər tərəfdən Azərbaycan və Belarus bu müqavilə ilə bir-birlərinin suveren hüquqları və maraqlarına xələl gətirə biləcək iqtisadi fəaliyyətə yol verməmək barədə öhdəlik götürürlər və bu da bizim üçün mühüm əhəmiyyət kəsb edən məqamlardandır.
Hörmətli millət vəkilləri, nəzərinizə çatdırmaq istəyirəm ki, hər iki sənəd Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2016-cı il 29 yanvar tarixli iclasında müzakirə edilmiş və yekdilliklə Milli Məclisin müzakirəsinə tövsiyə edilməsinə qərar verilmişdir. Hər iki sənədin Azərbaycan ilə Belarus arasında münasibətlərin inkişafına və dərinləşdirilməsinə müsbət töhfə verəcəyini nəzərə alaraq  hörmətli həmkarlarımı sənədi dəstəkləməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Ziyad müəllim, ikinci məsələyə...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əlavəniz yoxdur. Hörmətli millət vəkilləri, xahiş edirəm, gündəliyin ikinci məsələsinə münasibət bildi-rək.

Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Üçüncü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Dördüncü məsələ “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  qanun layihəsidir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  “Avto-mobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Res-publikasının qanun layihəsi avtomobil nəqliyyatı ilə sərnişin daşımaları sahəsində təhlükəsizliyin təmin edilməsi və məsuliyyətin artırılması ilə əlaqədar sərnişin avtomobil nəqliyyatı vasitələrini idarə edən (avtobuslarla sərnişin daşıyan) sürücülərə dair tələblərin yenilənməsi məqsədi ilə hazırlanmışdır. Qanun layihəsinin 27-ci maddəsinə təklif olunur: “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə  etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan). 27.1.2-yə əlavə olunur: “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən  çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılır”. Əvvəllər bu,  21 yaşa qədər idi. Ona görə indi təklif olunur ki, bu dəyişiklik edilsin. Komitə iclasında da müxtəlif yaşlar barədə fikir mübadiləsi edildi. Hazırda bu məsələ ilə əlaqədar millət vəkillərinin fikirləri varsa, söyləsinlər, sonra qanunvericilik təşəbbüskarı olan orqanla bu məsələni razılaşdıra bilərik.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Dünən komitə iclasında biz dedik ki,  burada dəyişiklik olmalıdır, siz bir qanunvericilik təşəbbüsü subyekti ilə danışın. 22 yaş deyilir, bizdə vəsiqələr 18 yaşdan verilir. 5 ili necə edəcəksən? Ən azı 22 yaş olmalıdır. Onu, xahiş edirəm, Səfa müəllim, bir də danışın. Ən aşağısı 23 yaşdan olmalıdır. Bəxtiyar Əliyev buyursun.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Şübhəsiz ki, bu qanun layihəsinə edilən dəyişiklik zəruridir. Artıq təcrübə də göstərir ki, təkcə Bakı şəhərində deyil, ümumiyyətlə, respublika ərazisində sərnişindaşımada, xüsusilə də böyük tutumlu avtobusların idarə edilməsində peşəkarlıq ən axırıncı yerdə dayanır. Keçirilən bir çox reydlər, yoxlamalar göstərir ki, bu avtobusları idarə edənlərin bəzən heç sürücülük vəsiqəsi də olmur, bəzi hallarda isə avtobusları, ümumiyyətlə, bu səlahiyyətdən məhrum edilmiş, məhkumluğu üzərindən götürülməmiş, bir çox hallarda isə sərxoş insanlar  idarə edirlər. Son verilən məlumatlardan da məlum olur ki, bu qəzalarda ölənlərin sayı təbii ölümdən qat-qat artıqdır. Ona görə də  şübhəsiz ki, bu sahədə qanunda dəyişikliklə yanaşı, icra orqanları məhz bu qanunun necə icra edilməsinə ciddi nəzarət etməlidirlər.
Avtobuslar gətirilib, çox gözəldir. Amma bu avtobusların dayanacaq məsələsi necədir? Misal gətirim ki, Elmlər Akademiyası metrostansiyasının yanında bir də görürsən, yol ayrıcında 10 avtobus üzü bu yana, 10 avtobus da üzü o yana  dayanıb, yol bağlanıb, tıxac yaranıb. Bunu kim tənzimləyir, necə tənzimləyir, o qədər marşrutun orada nə işi var? Bunların hamısı həm qırmızı, həm yaşıl, həm də sarı işıqda keçir, svetofor var, yoxdur, fikir vermir, yolun əks istiqamətində  hərəkət edir, vətəndaşların həyatı ilə oynayır. Yol hərəkəti qaydaları məgər sərnişin avtobuslarına şamil edilməməlidir? Bunların sahibləri kimdir? Bu imtiyazları onlara kim verib? Bu özbaşınalıqların himayədarları kimdir? İnsan taleyi ilə bu qədər oynamaq olmaz. 
Cənab Prezident tənqid etdi ki, yolların kənarında çubuqla dayanırlar, bu yığılan vəsait hara gedir? Bu, qoy bələdiyyələrin büdcəsinə yönəlsin. Amma bu gün, təsəvvür edin, işbazlar bundan da istifadə edirlər. Gedib  yoxlasınlar, baxsınlar, parkomat deyilən bir şey qurublar. Çox gözəl bir işdir, yaxşıdır. Amma təsəvvür edin ki, əhali harada çox toplana bilirsə, mağazaların, universitetlərin, metrostansiyaların qarşısı, hər yerə gətirib parkomatlar düzüblər. Hətta birtərəfli yolun solunda da, sağında da qoyublar. Yol hərəkəti  qaydasına görə birtərəfli yolun solunda avtomobil saxlamaq olmaz. Bunlar parkomatları sıraya düzüblər, hərəsinin də yanında xüsusi geyimlilər, – geyimlərə də nə qədər xərc çəkiblər, – o başa, bu başa gəzirlər, maşınlar da dayanıb, tıxac yaranır. Bəs bu yollar nə üçün təmir olunurdu? Niyə genişləndirilirdi? Tıxaclar olmasın deyə. Parkomatlara  nəzarət edən kimdir? Bunları hansı icazə ilə, hansı qaydalara əsasən gətirib quraşdırırlar? Avtobus dayanacağa gəlir, dayanacaqda taksilər və yaxud da digər maşınlar dayanıblar. Parkomatı avtobus dayanacağının yerinə qoyub, təbii ki, insanlar da gəlib o parkomatda müəyyən miqdar ödəyir, avtomobilini saxlayır. Bəs sərnişin harada minməlidir, harada düşməlidir, avtobus harada dayanmalıdır? Bu məsələ ictimaiyyətdə çox narahatlıq doğuran məsələlərdəndir.
Nəhayət, bu sahədə bir qayda-qanun yaradılmalıdır, şəhər nəqliyyat təsərrüfatı köklü surətdə dəyişdirilməlidir. Baxırıq ki, eyni marşrutda  həm iri tutumlu gözəl avtobuslar, həm də işə yaramayan köhnə avtobuslar var. Bunlar haradan gəlirlər? Görürsünüz ki, hamısı çirkli, işə yaramayan, qara tüstü ilə ekologiyaya ciddi təsir göstərən avtobuslardır. Bunlara kim nəzarət edir, necə baxırlar? Kim bu marşrutları şəhərin ortasına buraxır? Ona görə də hesab edirəm, bu məsələlərə kompleks şəkildə baxılmalıdır.
Oqtay müəllim, Siz çox haqlı qeyd etdiniz ki, gözəl qanunlar qəbul olunur. Amma bu qanunların icrası kimə həvalə olunur? Mən hesab edirəm ki, Milli Məclisdə qanunların icrasına nəzarət funksiyası məsələsinə baxılmalıdır. Həm təcrübə, həm də bu son dövrlərin hadisələri  bir daha göstərir ki, qanunların icrası çox ciddi, mühüm məsələdir. O yerdə ki qanun icra olunmur, cəzasızlıq hökm sürür, orada daha böyük cinayətlər törədilə bilər. Ona görə, hesab edirəm, bu qanuna edilən dəyişiklik  mühümdür, vacibdir, amma onun icrası, ona nəzarət mexanizmi və buna məsuliyyət daşıyan şəxslərin özlərinə nəzarət daha vacibdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Hörmətli Sədr, mənim bildirmək istədiyim fikri Siz bildirdiniz. Sadəcə, ibtidai sinif şagirdi də hesablayanda 18 ilə 22 arasındakı müddət alınmır, yəni 5 illik müddət alınmır. Mənim üçün maraqlıdır, komitədə müzakirə zamanı, – mən komitədə olmamışam, – müəyyən fikirlər bildirilsə də, niyə bu məsələni yoxlamadan yenə şablon kimi gətirib plenar iclasa çıxarırlar. 22 yaşla 18 yaş arasında 4 ildən söhbət gedir, amma onun sürücülük  üzrə təcrübəsi 5 il tələb olunur. Heç olmasa, 23 yaş yazılsın. Amma mənim başqa bir təklifim də var.
Şükür olsun Allaha ki,  “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti yarandı və müasir avtobuslar bu quruma verildi. Orada, heç olmasa, seçimdə komissiya var, normal insanları seçirlər, normal fəaliyyət göstərirlər. Amma yenə də  nəqliyyat sahəsində xoşagəlməz hallar davam edir, marşrut  üzrə köhnədən qalan avtobuslar hərəkət edir. Bir tərəfdən də şükür edirəm ki, Nəqliyyat Nazirliyinin demək olar ki, bütün funksiyaları alındı, çünki onlar müqavimət göstərirdilər və “Avtomobil nəqliyyatı haqqında” Qanunu da hansı icra orqanının marağına uyğundursa,  o cür hazırlayırdılar, aparırdılar, müxtəlif yollarla öz maraqlarını həyata keçirməyə  çalışırdılar. Bu qanunda da işlənməli xeyli məqam var. Biz yeni-yeni Avtomobil nəqliyyatı haqqında qanunlarda müxtəlif  bəndlərə düzəlişlər etməyə borcluyuq.
Bir şeyi də qeyd edim. Burada 27.1.1-ci maddədə “D” kateqoriyası verilir. Burada, təbii ki, sərnişin daşıyan böyük qabaritli avtobuslardan söhbət gedir.  22 yaşlı gəncə 30–40 insanın taleyini necə tapşırmaq olar? Olmaz, bu mümkün deyil. Gəlin, başqa ölkələrin təcrübəsini götürək. Mən xatırlamıram ki, Avropada 22 yaşında hansısa bir gənc ictimai nəqliyyatı idarə eləsin. Gəlin, bunu 25 yaş edək. Qoy 5 il təcrübəsi qalsın. Hələ bu gəncin ən azı hərbi  xidmət keçməsi var. İl yarım, 2 il də orada itirir. Ona görə mən 22 yaşla heç cür razılaşa bilmirəm. Həmkarlarımdan xahiş edirəm, heç olmasa, bəzi məsələlərdə texniki də olsa, düzəlişlər edək və 27.1.1-ci maddədə yaş həddini 23 deyil, – Oqtay müəllim qeyd etdi, – 25 yaş götürək. Heç olmasa, bir az püxtələşmiş, təbiətin sərt üzünü görmüş, üzünü külək döymüş insanlar sükan arxasında otursun.
Bu gün valideynlər övladlarını ictimai nəqliyyata min-dirəndə, –  mən dəfələrlə demişəm, – Allaha dua edirlər ki, sağ-salamat qayıdıb gəlsinlər. Vəziyyət 3 il bundan əvvəl daha pis idi, indi, heç olmasa, işlər yaxşılığa doğru gedir, cənab Prezidentin tapşırığı ilə müəyyən islahatlar aparılır, yeni-yeni  MMC-lər yaranır. Nəqliyyat Nazirliyinin funksi-yası və onun tabeliyində olan Nəqliyyatın intellektual idarəetmə mərkəzi  alınıb Nazirlər Kabinetinə verildi. Mən bununla da razı deyiləm. İşıqforlara nəzarət onun operativ dəyişdirilməsi üçün Dövlət Yol Polisində olmalıdır. Bütün gün ərzində  yenə də kimisə axtarırlar ki, bir neçə saatdan sonra dəyişdirsin.
27.1.2-ci maddədə isə “DE” kateqoriyasıdır. Bu isə qoş-qulu  nəqliyyat vasitəsinin idarə olunmasıdır. Bu, 25 yaşdan götürülür. Mən hesab edirəm ki, 25 yaş azdır. Burada da yaş həddi artırılmalıdır. 
Fürsətdən istifadə edərək bir şeyi də deyim.  Sonra da deyirlər ki, Çingiz Qənizadə Nəqliyyat Nazirliyi haqqında həmişə mənfi fikirlər bildirir.  Bu günlərdə mənə bir sahib-kar  müraciət edib deyir ki, Allah cənab Prezidentin balasını saxlasın, biz lisenziyaları “ASAN xidmət”dən təmənnasız alırıq. Amma fərqlənmə nişanının verilməsi Nəqliyyat Nazirliyində   qalıb,  50 manat idi, indi 20 manata düşürdüblər, 20 manat tələb edirlər, dilənirlər. Olmaz belə şeylər, insanları incitməyin.
Mən təklif edirəm ki, burada yaş həddinə yenidən baxıl-ması üçün müvafiq qanunu göndərən icra orqanı ilə  danışıqlar aparılsın və 27.1.1-dəki yaş həddi 25-ə, 27.1.2-də  isə  27-yə qaldırılsın. Bu, ölkədə avtomobil nəqliyyatında baş verən qəzaların sayının azaldılması deməkdir, insan ölümünün azalması deməkdir. Amma biz kiminsə marağına uyğun sükanı bir uşağa veririk, sonra da cəfasını çəkirik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun.  Deməyindən belə çıxır ki, 23 yaşında olmaz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 25 yaş. Onda əsas gəlib çıxmalıdır 65–70 yaşlara. Əgər qanun icazə verirsə, cavan uşaq 23 yaşında maşın sürməyi öyrənə bilməz?  Qanunun çərçivəsinə girmək olmaz, mən də 23 yaş təklif etdim. Yenə Ziyad müəllim, xahiş edirəm, bu məsələni bir daha danışın, burada, hesab edirəm, nə isə təsadüfi bir səhv var. Çünki 18–22 yaş söhbəti ola bilməz. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Siz bu yaş məsələsinə toxundunuz. Dünən də müzakirə olundu,  bu gün də həmkarlarım bu məsələyə münasibət bildirdilər. Hətta biz nəzərə alsaq ki, bu adam il yarım, 2 il hərbi xidmətə gedəcək, yenə də o məsələ düz çıxmır, riyazi hesablama ilə üst-üstə gəlmir. Biz müddətin üstündə çox dururuq. Göstərir ki, 23, ya 25 yaş olsun. Söhbət müddətdən getmir. Söhbət onun yetkinlik yaşına çatıb, yetkin düşüncə tərzində olmasından gedir. Yəni yaşın çox olması onu çılğınlıqdan, gənclikdən, başqa-başqa hallardan uzaqlaşdıracaqdır. Son vaxtlar dövlət avtomobil təşkilatlarının verdiyi hesabatlara nəzər salsaq, görərik ki, hadisələrin ən çoxu, belə deyək, ölüm hadisələrinin ən çoxu avtobuslarda, sərnişin aparan nəqliyyatda baş verir. Bu onunla əlaqədardır ki, orada daxili qayda-qanuna riayət olunmur, biri musiqi qoyur, biri qadağan olunsa da, ictimai nəqliyyatda siqaret çəkməyə başlayır, elə də olur, telefonla danışır və sair. Biz vətəndaşlarımızın qorunması üçün bu məsələləri nəzərə almalıyıq. 
İkinci bir tərəfdən, mənə elə gəlir ki, biz qanunun daha təkmil olması üçün  bir sıra məsələləri də nəzərdə tutma-lıyıq. Elə adamlar var ki,  10 il stajı var. Qatardan düşür, Bakı şəhərinə gəlir. Gedir lisenziya alır, gəlir,  bir nəqliyyat vasitəsini idarə etməyə başlayır. Yolu tanımır,  yol hərəkəti qaydaları ilə bağlı işarələri, yerləri bilmir və nəticədə qəza törədir. Mən Naxçıvan Muxtar Respublikasının təcrübəsin-dən bir misal göstərə bilərəm. Naxçıvan Muxtar Respubli-kasında ayda bir dəfə həm avtobus sürücüləri, həm də taksi sürücüləri Dövlət Avtomobil Müfəttişliyi  tərəfindən top-lanılır, onlara xəritələr verilir. Hansı yolda, ayın neçəsindən neçəsinə qədər təmir gedəcəksə, deyir, bura ilə getmək olmaz. Bu yol  filan müddətə bağlanacaq, buradan istifadə etmək olmaz və sair. Burada isə səhər getdiyi marşrutla axşam qayıdanda görür ki, yolun ortasına beton qoyublar və bu yolda hərəkət etmək heç cür mümkün deyil. 10–20 avtobus dalbadal düzülür, orada  əsəbi, ürək xəstəliyi olan insanlar var. Hər biri qalır pis vəziyyətdə. Bir də görürsən, bir küçəni, bir məhəlləni elə mühasirəyə alıblar ki, heç 1941–1945-ci illər müharibəsində belə mühasirə olmayıb. Bunu qabaqcadan elan etsinlər. Çağırsınlar, o təşkilatı, dəvət etsinlər, qeyd etsinlər.
Üçüncü bir tərəfdən, bir nəfər əyləşib insanların əsəbi ilə oynayır, guya intellektual idarəetmə ilə məşğuldur. Bir tərəfə iki dəqiqə verir, özü də baxırsan ki, bu yol bomboş-dur, bu biri tərəfə isə 15 saniyə verir. Maşını işə salıb elə hərəkət etməyə başlayanda qırmızı işıq yanır. Əgər bu intellektual idarəetmədirsə, bu nizamlanmalıdır, baxılma-lıdır, ölçülməlidir, biçilməlidir ki, burada nə qədər nəqliyyat vasitəsi hərəkət edir və buna uyğun olaraq bu addımlar atılmalıdır. Ona görə də biz bunu hərtərəfli şəkildə nəzərə almalıyıq. Hesab edirəm ki, həm şəhərdə olan avtobuslara, həm də kəndlərarası, şəhərlərarası işləyən avtobus və taksilərə bu məsələlər tətbiq olunmalıdır. Eləsi var, məcbur olursan ki, yolu özün göstərəsən ona, bir az  fikrə getdin,  yaxud da səni yuxu tutdu, bir də görürsən, aparıb hara isə çıxardı, xəbər yox, məlumat yox, tamam başqa bir şey. O baxımdan da, mən hesab edirəm, bu məsələlərə çox ciddi şəkildə nəzarət olunmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Bir də görürsən ki, oğurladılar. Bu dediyi-niz məsələlər, intellektual idarəetmə, hamısı vacib məsələ-lərdir. Bu məsələlər üzərində düşünmək və işləmək olar, ancaq bu, qanunun predmeti deyil. Bu məsələ, 23 yaş həddi, – mən dedim, – qanunda düzəliş aparılsa, normaldır. Araz Əlizadə.
A.Əlizadə. Çox sağ olun, möhtərəm Sədr. Məsələ bun-dadır ki, əziz dostlar, biz deyirik, neçə yaşdan ona sükanı vermək olar. Amma biz düşünmürük, olur ki, insan sürücülük vəsiqəsini alır, atır evə, on il heç maşın sürmür, bunun yaşı gəlib 25-ə, 28-ə, 30-a çatır, ancaq təcrübəsi olmur. Bu gəlir, buna maşın verirlər ki, artıq yaşın çatıb. Onda qanunda mütləq göstərilməlidir ki, azı 5 il sürücülük təcrübəsi olan, yəni bunun əmək kitabçasında yazılmalıdır ki, bu insan artıq 5 ildir, nəqliyyat vasitəsini idarə edir. Çünki avtobusu idarə etmək bir şeydir, taksini idarə etmək tamamilə ayrı bir şeydir. Belə bir fikri də demək istəyirəm, qanunda mütləq əksini tapmalıdır ki,  marşruta çıxmazdan əvvəl mütləq həkim müayinəsi olmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Birinci, o 5 il təcrübə qanun layihəsində var, diqqətlə baxın, orada hamısı var. Başqa fikirlər yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 5-ci məsələ, “Bələdiyyələrin əraziləri və torpaq-ları haqqında” Qanuna əlavə edilmiş Azərbaycan Res-publikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi haqqında buyursun Arif Rəhimzadə.
A.Rəhimzadə. Müzakirəyə təqdim olunan layihədə nə-zərdə tutulur ki, Babək rayonunun Qoşadizə kəndi bələdiy-yələrin siyahısından çıxarılsın. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Zahid Orucun adı yazılıb, amma özü yoxdur. Siyavuş müəllim, Siz nə isə demək istəyirdiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Zahid Oruc.
Z.Oruc. Ziyafət müəllim, təşəkkür edirəm, cəmi bir dəqiqə vaxt alacam, bu layihəyə səs verəcəyəm. Birinci məsələnin müzakirəsi zamanı hörmətli həmkarımız Kamran müəllim mənim çıxışıma müəyyən bir şərh verdi, hörmətlə yanaşıram, lakin Konstitusiyaya istinad edərkən mən də 2009-cu ildə referenduma çıxarılmış bələdiyyələrlə bağlı maddələri xatırlada bilərdim. Mənim 5 dəqiqəlik çıxışımın əsas nüvəsini bu qurumu ləğv etmək yox, bələdiyyəyə eti-mad üçün nələr etmək olar, o təşkil edirdi. Amma qeyd olundu ki, bunlar vergiləri yaxşı yığsınlar, toplasınlar, biz bundan sonra onlara müstəqillik verərik. Çox hörmətli Kamran müəllim bu məclisdən sonra fasilədə Konstitusiyadakı o müddəanı mənə göstərsə, mən gəlib bu çıxışa əlavə şərh verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də qanun layihəsinə səs verəcəyəm. Amma birinci məsələ müzakirə olunanda təkid etmədim, baxmayaraq ki, yazılmışdım və burada bir sıra məsələlər  qalxdı. Bələdiy-yələrin yaranması, formalaşması, inkişafı ilə bağlı Azərbay-can parlamenti çox böyük qanunlar qəbul edib. Bələdiy-yələrin statusu, bələdiyyələrin torpaqları və sair. Burada çıxış yolu axtarmağa başladılar ki, bələdiyyənin inkişafına biz necə nail olaq. Dəfələrlə burada bu məsələ qaldırılıb, dünya təcrübəsində də, ölkə təcrübəsində də bunun müxtəlif çıxış yolları var. Çıxış yolları nədən ibarətdir? Artıq növbəti  bələdiyyə seçkilərinə qədər biz bu addımları atmalıyıq. İndi, tutalım ki,  bələdiyyənin birini biz birləşdirdik və digərini ləğv etdik.
Hörmətli Ziyafət müəllim, təsəvvür edin, Yasamal rayo-nundan 3 deputat seçilir, 19 bələdiyyə üzvü. Kimə lazımdır bu 19 bələdiyyə üzvü? Yaxud da digər rayonda, bir rayon mərkəzində 17 nəfər bələdiyyə üzvü seçilir. Hamısı da tələb edir, torpaq ver, əmək haqqı ver. Tələb edir ki, o, bu işləri həyata keçirməlidir. Dünyada mövcud bir sistem var və bu sistemdən biz də istifadə etməliyik. Bələdiyyə üzvlərinin sayını maksimum 9-a, minimum 1 nəfərə çatdırmalıyıq. Təsəvvür edin, 25 min bələdiyyə üzvü seçilir. Bəzi kəndlərdə heç seçməyə adam tapmırlar, elə də olur. Bu baxımdan mən hesab edirəm ki, ciddi şəkildə dəyişiklik olunmalıdır və bələdiyyələrin normal işləməsi üçün addımlar atılmalıdır. Elə Türkiyəni götürək, bir yerə bir muxtar təyin edirlər, yəni bir nəfər muxtar seçirlər. Bu da camaata arayış verir, vergi yığır, digər məsələlərə nəzarət edir və sair. Biz, tutalım, 200 nəfər sakini olan kəndə 5 nəfər  bələdiyyə üzvü seçirik. Bunun nə əhəmiyyəti var? Ona görə də növbəti seçkiyə qədər qanunvericilikdə ciddi şəkildə dəyişikliklər aparmalıyıq, bələdiyyələrin sayı azaldılmalıdır. Bələdiyyələrin digər statusu ilə bağlı məsələlər də var, məsələn, bələdiyyələrə subsidiyaların verilməsi. Arif müəllim burada onu qaldırdı, çox düzgündür.
1999-cu ildən başlamış bələdiyyələrə dövlət büdcəsindən vəsait ayrılır. Amma bu vəsaitə də ciddi şəkildə nəzarət olunmalıdır. O vəsait təyinatı üzrə xərclənib geriyə vəsait gətirməlidir. Əfsuslar olsun ki, bəzi bələdiyyə sədrləri bundan istifadə edərək özlərinə nəqliyyat vasitəsi aldılar, kabinetlərini təmir etdirdilər, mebel aldılar və sair. Mən hesab edirəm ki, bələdiyyələr öz nəzdlərində kiçik müəssisələr, özəl bağçalar, özəl məktəblər açmalıdırlar ki, pul qazana bilsinlər. Başqa halda bunlardan istifadə etmək olmaz. Yaxud da örüşlərin icarəyə verilməsi və digər məsələlər. Bu baxımdan, ilk növbədə hesab edirəm ki, bələdiyyələrin sayı azaldılmalıdır. Azərbaycanda təxminən 5300 bələdiyyə var. Bu qədər bələdiyyə kimə lazımdır? İkinci, bələdiyyə üzvlərinin sayı azaldılmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Aydındır, çox sağ olun, Siyavuş müəllim. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ, Lisenziyalar və icazələr haqqında Azər-baycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunur. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, lisenziyalaşdırma və icazələrin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanları olub.  Bu fərmanların məqsədi ondan ibarətdir ki, Azərbaycanda sahibkarlıq mühiti daha da yaxşılaşdırılsın, iqtisadi inkişafda şəffaflıq artırılsın, maneələr aradan qaldırılsın. Bu istiqamətdə Lisenziyalaşdırma və icazələrin verilməsi haqqında layihəyə artıq Milli Məclisin plenar iclasında baxılıb, birinci oxunuşdan sonra işçi qrupu yaradılıb və işçi qrupunda iqtisadiyyat nazirinin müavini Sahib müəllim, bizim komitənin üzvü Tahir Mirkişili və eyni zamanda, İqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf müəllim xeyli iş görüblər.
Biz, Ziyafət müəllim, millət vəkillərinə məlumat vermək istəyirəm ki, çox ciddi araşdırmalar aparmışıq, dünya təcrübəsi, ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilmiş və sizə təqdim edilən qanun layihəsində əvvəlki varianta nisbətən xeyli dəyişiklik edilmişdir. Birinci oxunuşdan sonra qanun layihəsinin üzərində işlənilmiş, bir sıra texniki dəyişikliklər edilmiş,  dili sadələşdirilərək oxunaqlı olmuşdur. Layihə 31 maddə, 5 fəsildən ibarətdir. İlk növbədə layihənin adı dəyişdirilmiş, preambula daha təkmil redaksiyada verilmişdir. Layihənin 1-ci maddəsində anlayışların bir çoxu yeni redaksiyada verilmiş, bəzi anlayışlar birləşdirilmişdir. Bir pəncərə anlayışı çıxarılaraq, daha təkmil formada qanunun mətnində xüsusi maddə ilə göstərilmişdir. Layihənin 4-cü maddəsində lisenziyalaşdırmanın meyarları yeni redaksiyada verilmiş və buraya yeni fikirlər daxil edilmişdir. Məsələn, lisenziya tələb olunan fəaliyyət növləri və icazələr 4.2.3-də insanların sağlamlığına, təhlükəsizliyinə və ətraf mühitə qəbul edilmiş normalardan artıq təsir, 4.2.4-də vətəndaşların hüquqlarına, qanuni maraqlarına təsir, 4.2.5-də iqtisadi dayanıqlığa və inkişafa təsir əsasında müəyyən edilir.
Atılan mühüm addımlardan biri də lisenziyaların müddətsiz verilməsidir. Bununla bağlı layihədə müddətlərə dair düzəlişlər edilmişdir. Layihədə maraqlı subyektlərə münasibətdə edilməli olan hərəkətlərlə bağlı göstərilən müddəalar sui-istifadə hallarına yol verilməməsi məqsədi ilə daha da dəqiqləşdirilmişdir. Burada mütərəqqi addımlardan biri də susmaqla razılıq nəzərdə tutulmasıdır ki, bu məsələni tənzimləyən maddə yenidən işlənmişdir, yəni 14-cü maddə nəzərdə tutulur. 19-cu maddədə lisenziyanın və icazənin verilməsindən bəhs edilir ki, burada da 19.8.1-ci maddə çıxarılmışdır. Bu maddə ödənişləri və dövlət rüsumunu nəzərdə tuturdu. Lakin başqa maddədə bu məsələlər əksini tapdığı üçün, bu, qanun layihəsindən çıxarılmışdır. 25-ci maddənin adı dəyişdirilmişdir və daha düzgün ifadə edilmişdir. Maddə “Lisenziyanın və icazənin hüquqi qüvvəsinin dayandırıl-ması” adlanır. Lisenziya və icazə şərtlərinə riayət olun-masına nəzarət sahəsində “yerində yoxlamalar” anlayışı “səyyar yoxlamalar” anlayışı ilə əvəz edilmişdir. Qanunun qüvvəyə minməsi və keçid müddəalar da yeni redaksiyada verilmişdir.
Mən tam səmimiyyətimlə millət vəkillərinə bildirmək istəyirəm ki, bu qanun layihəsi üzərində işlər davam edir. Bu gün səhər də iqtisadiyyat naziri müavininin iştirakı ilə işçi qrupumuz bu məsələni bir daha müzakirə etmişdir. Əminəm ki, bu edilən düzəlişlər bütövlükdə  Lisenziyalaşdırma və icazələrin verilməsi haqqında qanun layihəsinin cənab Prezidentin qoyduğu tələblərə cavab verməsinə əminlik yaradır. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər, təklifləri varsa, versinlər. Bizim imkanımız var ki, işçi qrupu 10 gün ərzində bu deyilən təklifləri nəzərdən keçirsin. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Hörmətli depu-tatlar, mən artıq qeyd etdim, bu qanun layihəsi ikinci oxunuşda müzakirə olunur. İkinci oxunuşun tələbinə görə biz qanun layihəsini əsas kimi qəbul etməli və sonra müza-kirəyə davam etməliyik. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, əsas kimi qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, bizim Daxili Nizamnamənin tələblə-rinə görə  qanun layihəsini, əslində, fəsil-fəsil, yaxud mad-də-maddə müzakirə edə bilərik. Amma, eyni zamanda, nə-zərə alsaq ki, qanun layihəsi həcmcə o qədər də böyük deyil, bütün fəsillər üzrə də fikir bildirmək olar. Səsverməni isə biz ayrıca, fəsillər üzrə aparacağıq. Buyurun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Vahid müəllim, sualınız var? Buyurun.
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Bu qanun layihəsi komitədə çox ciddi müzakirələrdən keçib və cəmiyyət üçün çox əhəmiyyətli olduğuna görə mən təklif edərdim ki, qanun layihəsini bu gün həm ikinci, həm də üçüncü oxunuşda  qəbul edək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İndi müzakirələrin gedişinə baxaq, görək, deputat həmkarlarımız nə təklif edəcəklər. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Qanun layihəsi, doğrudan da, mükəmməl hazırlanıb. Bunun sa-hibkarlığın inkişafına dəstək üçün, həqiqətən də, işləyəcək və real nəticə verəcək bir qanun olacağına inanmaq istəyirəm. Qanunu oxuduqda belə bir təəssürat yaranır ki, qanunla yanaşı, eyni zamanda, lisenziya və  icazə verən dö-vlət qurumları fəaliyyətlərini çox dəqiq işləyən bir saat mexanizmi kimi qurmalıdırlar. Çünki konkret müddət göstərilir və həmin konkret müddət göstərilmədikdə tək həmin o icazə verən qurum deyil, ümumilikdə dövlət nüfuzdan düşə bilər. Bu baxımdan qanunun işləməsi üçün cavabdeh olacaq icra strukturları indidən öz hazırlıqlarını görməlidirlər.
Qanunla bağlı mənim bir neçə təklifim var. Birinci tək-lifim elə 14-cü maddə ilə bağlıdır. Hörmətli Ziyad müəllim bildirdi ki, göstərilən müddətdə akt təqdim edilmədikdə lisenziya artıq bərpa olunmuş hesab olunur və bu, müsbət bir hal kimi qiymətləndirilir. Mən, əksinə, buna mənfi bir hal kimi baxıram. Necə yəni vaxtında akt təqdim edilmədikdə? Deməli, kiminsə məsuliyyətsizliyinə görə dövlət məsuliyyət daşımalıdır? Mənə elə gəlir ki, “vaxtında təqdim edilmədikdə” anlayışı bizim qanunumuzda olma-malıdır. Vaxtında təqdim edilməlidir. Bu qanunun da əsas fəlsəfəsi ilk növbədə sahibkarın müraciət etdiyi qurumun vaxtında ona cavab verməsidir. Bu baxımdan biz indidən hansısa bir qanunsuzluğa, boşluğa, məsuliyyətsizliyə mühit yaradırıq. Bu maddənin həmin müddəasının yenidən işlənməsini xahiş edirəm.
İkincisi, 12-ci və 14-cü  maddələrin ikinci hissəsində yazılır ki, köməklik göstərməyə, yaxud yerinə yetirməyə borcludur. Axı, hüquqda borcludur kateqoriyası yoxdur. Kömək etməlidir və yaxud da  işi təşkil etməlidir. Amma “borcludur” ifadəsi siyasi bəyannamədə, ümumi söhbətdə ola bilər, qanunda “borcludur” ifadəsinə mən birinci dəfədir rast gəlirəm. Ona görə də bunun dəqiqləşdirilməsini xahiş edirəm.
Sonra, 19-cu maddənin üçüncü hissəsi, mənə elə gəlir ki, artıqdır. Sadəcə olaraq, bürokratiyanı artırırıq. Söhbət nədən gedir? Əgər lisenziya üçün edilən müraciətdə çatışmazlıqlar olarsa, ərizəçi onu 10 gün müddətində aradan qaldırmalıdır. 10 gün müddətində etməzsə, onun icazəsinin geri qaytarılması barədə sənəd verilir, sonra yenidən müraciət edəndə həmin müraciət geri götürülür və sair. Mənə elə gəlir ki, belə bir bürokratiyaya ehtiyac yoxdur və istənilən halda burada həmin ərizəçi nə zaman öz çatışmazlığını düzəldərsə, həmin vaxt da ona müvafiq icazə və lisenziya verilə bilər. Bir də, axırıncı təklifim nədən ibarətdir? 20-ci maddədə bildirilir ki, ərizəçi həmin inzibati aktdan inzibati qaydada və yaxud da məhkəməyə şikayət verə bilər. Bilirsiniz ki, cənab Prezidentin 4 fevral tarixli sərəncamı ilə icra strukturlarında apellyasiya şuraları yaradılıb. Düzdür, bu Apellyasiya Şurası bu qanun layihəsi hazırlanandan sonra yaradılıb. Ona görə mən təklif edirəm ki, 20.2-ci maddədə Apellyasiya Şurasına müraciət etmək hüququ da tanınsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hesab edirəm ki, bu məsələ müsbət həll olun-malıdır. Mən də Vahid müəllimin təklifini səsləndirəcəkdim. Əslində, ikinci və üçüncü oxunuşda bu məsələni qəbul eləmək olar. Çünki bu, sahibkarların vəziyyətini, yeni iş yerləri açmaq istəyən, yeni sahədə çalışmaq istəyən insanların fəaliyyətini asanlaşdırmaq üçün olan qanun layihəsidir. Mənim gözlədiyim isə başqa bir şeydir. Təbii ki, qanun layihəsinin bir sıra müddəalarına irad bildirməyi nəzərdə tutmuşam. Amma biz bu iqtisadi böhranla bağlı kompleks tədbirlər həyata keçirmədikcə, ayrı-ayrı pərakəndə qanunların qəbul olunması işimizi o qədər də səmərəli eləməyəcək.
Xatırlayırsınızsa, yanvar ayında təqdim olunan qanun layihəsinə səs verdik. Orada 50 mindən yuxarı əmanətlərdən inzibati qaydada 20 faiz vergi tutulması nəzərdə tutulurdu və bu da, müəyyən problemlər yaradırdı. Buradakı çıxışlarımızda da qeyd edildi ki, bu, sahibkarlığın inkişafına mənfi təsir edəcək. Amma tələsik olduğuna görə, Milli Məclis bunu qəbul elədi. Sonradan məlumat aldıq ki, ölkə Prezidentinin bu qanunu təsdiq eləməməsi nəticəsində o, qüvvədən düşəcək və insanlar istədikləri şəkildə ölkəyə sərmayə gətirə və istədikləri şəkildə də bu sərmayəni çıxara biləcəklər. Bu tələsikliyin qarşısını almaq üçün nə etmək lazımdır?
Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi təyin olun-du və bundan sonra islahatlar məsələsi görünür ki, daha çox onun tərəfindən həyata keçiriləcəkdir. Yaxşı olardı ki, islahatları ümumi koordinasiya eləyən qurum yaradılardı. Digər tərəfdən həmin köməkçi bu işləri öz üzərinə götürürsə, yaxşı olar ki, müstəqil iqtisadçıların, cəmiyyətdə bu sahədə təkliflərini verən şəxslərin, Milli Məclis deputatlarının iqtisadi böhrandan çıxış yolları ilə bağlı konkret təkliflərini də bir araya toplayıb müzakirə etməklə ortaya sanballı və qalıcı qərarlar çıxarmağa nail olaq. Çünki hər dəfə biz hansısa qərarı qəbul eləyəndən təxminən bir ay sonra o qərarın təsirsiz olduğunu gördükdə, əslində, yenə də sahibkarın işini yüngülləşdirmək əvəzinə, ona ziyan vururuq.
Digər tərəfdən bu cür lisenziya və icazələrin verilməsini   rahatlıq olsun, ayrı-ayrı bürokratik əngəllərlə qarşılanmasın deyə, daha çox  “ASAN xidmət” modelinə həvalə edirik. Sizə deyim ki,  “ASAN xidmət”  də öhdəsindən gələcək səviyyədə bunu həyata keçirmək imkanına sahib deyil. Çünki lisenziya və icazələrdən öncə həm də müxtəlif qurumların rəyi tələb olunur. Hansısa bir sahədə çalışmaq istəyirsənsə, yeni bir iş yeri açmaq üçün lisenziya almaq istəyirsənsə, müvafiq qurumdan, baytarlıq, səhiyyə, başqa profilli sahələrdən rəy tələb olunur. Yenə də həmin qurumlara müraciət etmək zorundasan, lisenziya və icazənin asanlaşmasının nəticəsini görmürsən. Bunu düşünmək lazımdır.
Birinci növbədə mən yenə də o fikrin üzərinə gəlirəm, nə qədər ki ölkədə inhisarçılıq, de-fakto mövcud olacaq, yenə də bu inhisarçılar hansısa sahədə lisenziya almış şəxslərin normal sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını əngəlləyəcəklər. Ona görə qanunda bir müddəa qoymalıyıq, inhisarçılığın qarşısını necə alaq ki, lisenziya almış şəxs öz kapitalını konkret sahəyə yatırıb oranı  dirçəldə və inkişaf etdirə bilsin. Əsas problem budur. Ona görə bunun ayrı-ayrı müddəalarına mənim etirazım yoxdur, səs verəcəyəm, çünki vacib qanundur. Amma bu müddəalar nəzərə alınmadan o da, işləməyən qanunlardan biri olacaq. Adam lisenziyanı alacaq, amma  bu sahədə kimin monopoliyası, inhisarı varsa, adamı o sahəyə buraxmayacaq, onun inkişafı mümkün olmayacaq. Mümkün olmayacaqsa, deməli, aşağıda yenə də  iqtisadi münasibətlərin normal tənzimlənməsi baş verməyəcək və növbəti devalvasiyada bir də fikirləşəcəyik ki, bu böhrandan daha hansı addımlar atıb çıxaq, gecikmək isə bizim ziyanımıza olacaq. Ona görə bu müddəanın nəzərə alınması vacibdir ki, lisenziya və icazədən öncə inhisarçılığın qarşısının alınması, onlara mane olunmaması istiqamətində müddəaları qəbul etməklə sahibkarların işini yüngülləşdirə bilərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Şəmsəddin Hacıyev.
Ş.Hacıyev. Sağ olun, Ziyafət müəllim. Təqdim olunan qanun layihəsi çox əhəmiyyətli bir sahəni əhatə eləyir. Bu barədə Prezident tərəfindən bir neçə fərman da imzalanıb, həmin fərmanların icrası üçün xüsusi qaydalar da müəy-yənləşdirilib. Lisenziyaların müddətsiz olması, lisenziya verilən fəaliyyət sahələrinin miqdarının əsaslı surətdə azal-dılması sahibkarlar tərəfindən çox məmnunluqla qarşılanıb. Təbii ki, bu fərmandan irəli gələn bütün müddəaların həyata keçirilməsi üçün hüquqi bazanın olmasına da böyük ehtiyac var. Bu mənada mən təkrar edirəm ki, qanun layihəsi çox vacib və əhəmiyyətlidir. Mənim qanun layihəsi ilə bağlı bir sıra təkliflərim var, onların əksəriyyətini yazılı formada komitəyə təqdim edəcəyəm. Amma indi istəyirəm ki, bəzi şeyləri səsləndirim. Məsələn, qanun layihəsinin preambulasında “ayrı-ayrı fəaliyyət növləri” və “hərəkətlər” qeyd edilib, sonra mötərizədə “tədbirlər” də yazılıb. Bu “hərəkətlər” bir az başadüşülən deyil. Əvvəla, qanunun əsas subyekti sahibkarlıq fəaliyyətidir, yəni predmetidir. Subyekti isə fiziki və hüquqi şəxslərdir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir, başqa üçüncü bir subyekt yoxdur ki? Yəni qanunvericilikdə publik hüququnun subyektləri də var, amma bu ona aid deyil, burada əsas məsələ sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara müəyyən sahibkarlıq növləri üzrə  fəaliy-yətlərini həyata keçirmək üçün rəsmi icazənin verilməsidir. Ona görə “hərəkətlər” sözü, ümumiyyətlə, buradan çıxarıl-malıdır, “tədbirlər” də çıxarılmalıdır. “Hərəkətlər” nə ola bilər, əgər varsa, ayrı-ayrı fəaliyyət növləri ola bilər.
İkinci, artıq  bir sıra qanunvericilik aktlarında, anlayış-larında lisenziyanın terminoloji mənası tamamilə düzgün əks olunub. Amma buraya tamamilə yeni lisenziya anlayışı gətirilib. Halbuki cənab Prezidentin verdiyi fərmanın icrası ilə bağlı qaydalarda lisenziyanın nədən ibarət olması çox gözəl ifadə olunub, lazımdırsa, oxuya da bilərəm. “Ərizəçi” məsələsi hüquqi baxımdan bir az yaxşı anlayış deyil. Ay-dındır ki, hüquqi və fiziki şəxslər  müraciət edirlər, amma “ərizəçi” olanda,  fikirləşirsən ki,  bu, başqa bir subyekt də ola bilər. Məsələn, lisenziyanı verən səlahiyyətli orqanlar. Biz həmişə qanunvericilik təcrübəsində səlahiyyətli orqan-ları müvafiq icra hakimiyyəti orqanları adlandırmışıq. Am-ma burada presedent yaratmırıq. Burada səlahiyyətli orqan-dan, lisenziyalar və müxtəlif terminlərdən istifadə olunur. Bir qədər aydınlıq gətirməyə, təbii ki, ehtiyac vardır. Bir sıra məsələlər var, amma vaxtınızı çox almaq istəmədim, mən onları yazılı şəkildə komitəyə təqdim edəcəyəm və belə hesab edirəm ki, bu düzəlişlərin aparılması, – bəziləri redaktə xarakterlidir, – qanun layihəsinin daha da təkmil formaya çatdırılmasına kömək edər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Bəxtiyar Əli-yev.
B.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən əvvəl istəyirdim sual verim, nə isə pozuldu, onda həm sualımı verim, həm də fikrimi bildirim. Əvvəllər lisenziya tələb olunan fəaliyyət növləri Prezidentin fərmanı ilə müəyyən olunurdu. Sonra qanun şəklinə salındı, fəaliyyət növləri müəyyənləşdirildi.  O məsələ müvafiq icra hakimiyyəti or-qanlarına həvalə olunurdu ki, hansı fəaliyyət növündə  lisenziyalar ola bilər.
Bu gün müzakirə etdiyimiz bu qanun layihəsində  2-ci maddədə xeyli qanun adı sadalanır. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Konstitusiyadan, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanundan,   “İnzibati icraat haqqında” Qanundan və nəhayət, sonda  bu qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Bəs bu qanunun mahiyyəti nədən ibarət olacaqdır? Anlaşılan deyil. Söhbət  lisenziyalardan gedirsə, Konstitusiya olmalıdır, çünki ana qanundur, bir də bu qanun olmalıdır.
4.3-cü maddədə qeyd edilir ki, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazə tələb olunan hərəkətlərin si-yahısı bu qanunla müəyyən edilir. Bu qanunda o fəaliyyət növləri yoxdur. Bu qanundan kim necə istifadə edərək o qanunları müəyyənləşdirəcək? Yaxşı, bir tərəfdən deyirik ki, lisenziyaların özbaşına artırılmasının qarşısı alınmalıdır, sahibkarlara mane olan amilləri aradan qaldırmaq üçün qanunda heç olmasa, müəyyənləşdirilməlidir. Bu vaxtilə müəyyənləşdirilmişdi, Prezidentin fərmanı ilə  sadalanmışdı, hansı sahələrin fəaliyyət növlərində lisenziya tələb oluna bilər. Fəaliyyət növləri müəyyənləşsin, lisenziyaların verilməsi qaydaları qanunda tənzimlənsin. Bu gün bu fəaliyyət növləri yoxdur. Deməli, bu qanunu ki biz qəbul edirik, bu heç nəyi dəyişmir. 6 ay keçəcək, bir il keçəcək, yenə də müvafiq icra hakimiyyəti orqanları bir əsasnamə təsdiq edərək  orada göstərəcəklər ki, bu fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur, yaxud da ki, lisenziya tələb olunur. Biz nəyə nail oluruq? Heç bir şeyə. Ona görə də bazar iqtisadiyyatında liberallaşdırmanı gücləndirmək üçün, sahibkarlığı inkişaf etdirmək üçün dövlət əhəmiyyətli sahələr var, qadağan olunan sahələr də var ki, orada o fəaliyyət növləri müəyyənləşdirilib və hökmən lisenziya tələb olunur. Qanunda bunlar göstərilsin  və fəaliyyətə başlayan hər bir fiziki və hüquqi şəxs, xarici investor bilsin ki, bu ölkədə yalnız bu fəaliyyət növlərinə lisenziya tələb olunur. Ondan başqa hər hansı bir növlə bağlı lisenziya tələb olunmur. Bütün fəaliyyət növləri dünya iqtisadiyyatına məlumdur. Biz yeni bir şey kəşf etməyəcəyik ki. Ola bilər, bu fəaliyyət növləri də meydana çıxsın, onda da lisenziya tələb olunsun. Fəaliyyət növləri məlumdur,  qanunda birdəfəlik yazaq, təkliflər verilsin, qanunda da konkret göstərilsin. Necə olur ki, hüquqi şəxslərin dövlət reyestrində və yaxud da  digər qanunlarda qeydiyyatdan keçmək üçün hansı sənədlərin tələb olunduğu bir-bir yazılır. Heç bir sənəd tələb oluna bilməz. Eyni şey burada da göstərilməlidir. Fəaliyyət növləri müəyyənləşməlidir. Lisenziyalar  necə veriləcəksə, qanunla tənzimlənməlidir. Prezidentin fərmanı ilə hansı icra hakimiyyəti orqanına hansı hissə həvalə olunacaqsa, bu, qanunvericiliklə tənzimlənməlidir. Ona görə də mən istərdim ki, bu məsələyə aydınlıq gətirilsin. Qanunun da mahiyyəti ondan ibarətdir ki, bütün sahibkarlar birdəfəlik bilsinlər ki, lisenziya tələb olunan fəaliyyət növləri hansılardır. Bu sıxıntılar yaşanmasın.
Mən sizi əmin edirəm ki, bu gün bir ciddi problem qal-maqdadır. Ədliyyə Nazirliyinə həvalə olunub ki, qəbul olunmuş hüquqi normativ aktların ara qanunlara və Konsti-tusiyaya uyğunluğu araşdırılsın,  qeydə alınsın, nəşr olunsun və ondan sonra hüquqi qüvvəyə minsin. Gəlin, baxaq görək nə qədər əsasnamə var ki, orada lisenziyalar, icazələr öz əksini tapıb və hüquqi normativ akt kimi qeydiyyatdan keçib. Amma ana qanunda bu sahə üzrə bir kəlmə də getməyib. Ona görə də xahiş edirəm, bu məsələyə bir qədər diqqət yetirilsin. Həqiqətən də, bu gözəl məqamdır və cənab Prezidentin Nazirlər Kabinetinin...
Sədrlik edən. Mikrofon verin.
B.Əliyev. Üzr istəyirəm, mən bilmədim, 5 dəqiqəyə keçirilib, təşəkkür edirəm. Ziyafət müəllim, orada bu məsələlər qeyd edildi, bu qanun da həmin siyasətə xidmət etməlidir. Xahiş edərdim ki, müvafiq qurumlar bir daha bunu nəzərdən keçirsinlər. Bu, ikinci oxunuşdur, bir daha  saf-çürük etsinlər və sahibkarlığın inkişafına əməli bir töhfə verək. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. İlham Əliyev.
İ.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Doğrudan da, bu, bildiyimiz kimi, çox ciddi qanundur. Bu gün sa-hibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara, sahibkarlıq subyektlərinə çox böyük köməyi olan bir qanundur,  bizim komitədə də geniş müzakirə olunub. Bu qanunla bağlı ikinci oxunuşda söylənilən fikirlərin çoxu ilə razıyam və bir məqama toxunmaq istəyirəm. Əgər bu gün lisenziyaların hamısı “ASAN xidmət” tərəfindən verilirsə, müvafiq fəaliy-yət növü ilə bağlı arayış  mütləq  o sahə ilə bağlı müvafiq orqandan  alınmalıdır. Məsələn, mən səhiyyə sahəsini göstərmək istəyirəm. Səhiyyə ilə bağlı “ASAN xidmət”ə müraciət edib oradan lisenziya alacaqsa, bu subyektin səhiyyə fəaliyyəti ilə  məşğul olmaq qabiliyyətinin  olub-olmamasını həmin mərkəz araşdıra bilməyəcək. Bununla bağlı arayış mütləq olaraq Səhiyyə Nazirliyindən alın-malıdır. Eləcə də başqa sahələrlə bağlı. Düzdür, ola bilər ki, orada müəyyən əngəllər törənsin, amma bu qanunun qəbulu, hesab edirəm, o əngəlləri aradan qaldıracaq. Mənim yeganə təklifim budur ki, ikinci oxunuşda bu qanun layihəsi bir də komitəyə qayıtsın və biz on gün ərzində komitənin sədri ilə birlikdə  o təkliflərə baxaq və üçüncü oxunuşa çıxaraq. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Tahir Mirkişili.
T.Mirkişili. Hörmətli Ziyafət müəllim, mən istərdim, bu-rada səslənən bəzi fikirlərə münasibət bildirim, çünki Lisenziyalaşdırma və icazələrin verilməsi haqqında qanun layihəsi kifayət qədər həssas və  maraqlıdır. Bu layihə azad sahibkarlığın inkişafında və onun fəaliyyətinin daha da genişlənməsində çox mühüm rol oynayacaqdır.
İkinci, qeyd etmək istərdim ki, hörmətli deputat həm-karlar, fikir verdinizsə, ilk dəfə olaraq bu qanun layihəsində lisenziyaların həm kağız, həm də elektron formada verilməsinin hüquqi qüvvəsi bərabərləşdirilmişdir. Bu, o deməkdir ki, lisenziyalar həm kağız, həm də elektron formada verilə bilər. Diqqətinizə çatdırım ki, qonşu ölkə-lərdə, xüsusən Avropa ölkələrinin əksəriyyətində lisenzi-yalar və icazələr kağız formasında verilmir,  daha  çox  elektron formada verilir. Bu həm bürokratiyanın aradan qaldırılmasına, həm vaxtın azaldılmasına, həm də dövlət büdcəsi vəsaitinin qənaət olunmasına gətirib çıxaracaq. Ona görə də hesab edirik, bu  müddəanın burada olması, əslində, bu gün “ASAN xidmət” mərkəzi, İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyaların və icazələrin sayının daha da artması üçün bir problem yaratmayacaq.
Üçüncü məsələ, – hörmətli Fazil müəllim burada qeyd etdi, – nəzarət orqanlarının rəyinin alınması ilə bağlıdır. Əslində, lisenziyalaşdırma və icazələr ona görə tətbiq olunur ki, dövlətin həssas sahələrində təmizlənmə üçün rəylərin alınması çox vacibdir. Biz burada çalışdıq ki, rəylərin alınması prosedurlarını maksimum sadələşdirək. Bunun üçün, bildiyimiz kimi, qanun layihəsində xüsusi maddə var, müvafiq nəzarət orqanı 7 gün ərzində rəyi hökmən təqdim eləməlidir. Hətta yeni bir maddə də əlavə olunub ki, müvafiq nəzarət orqanları bu  şərtləri öz saytlarında və yaxud elektron lisenziya portalında hökmən əvvəlcədən  dərc etməlidirlər və bu, aşkarlıq prinsipinin əsas şərtlərindən biri olacaqdır.
Hörmətli Şəmsəddin müəllim qeyd etdi, bildiyimiz kimi, icazələr fəaliyyət növünə verilmir, fəaliyyət növünə lisen-ziyalar verilir, icazələr yalnız hərəkətlərə verilir. Çünki lisenziyalar müddətsizdir, amma fəaliyyət növündən fərqli olaraq hərəkətlərin bir il müddəti var. Müəyyən bir zamanda başlayır və bəlli bir zamanda sona çatır. Ona görə burada, icazələrdə hərəkət və tədbirlərin qeyd edilməsi hökmən vacibdir və bu məqsədlə də bunlar qeyd olunmuşdur.
Digər mühüm məsələlərdən biri səlahiyyətli orqan məsələsidir. Bildiyiniz kimi, dövlət tənzimləməsini bu sa-hədə həyata keçirən səlahiyyətli orqan hazırda İqtisadiyyat Nazirliyidir. Amma İqtisadiyyat Nazirliyindən başqa, eyni zamanda, lisenziya verən digər orqanlar da var. Məhz bu səbəbdən  səlahiyyətli orqanla icazə verən orqan arasında fərq qoyulmuş və bu fərqə görə də tənzimləməni həyata keçirən və icazə verən orqanlar arasında ayrıca bir anlayış verilmişdir.
Sonuncu məsələ. Bəxtiyar müəllim burada qeyd elədi, deyim ki, bu qanun layihəsinə əlavələr hökmən olacaq,  həm lisenziyaların, həm də icazələrin siyahısı birbaşa orada göstəriləcəkdir. Əsas məqsəd bundan ibarətdir ki, bu qanun layihəsindən fərqli olaraq heç bir inzibati aktda icazələrin və ya lisenziyaların sayında dəyişiklik olmasın və bu dəyişiklik yalnız bu qanunla və yaxud qanuna dəyişiklik vasitəsilə ola bilsin. Çox sağ olun, minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa çıxış eləmək istəyən yoxdursa, ikinci oxunuşun tələblərinə uyğun olaraq qanun layihəsini fəsil-fəsil səsə qoymalıyıq. Amma burada 4 fəsildir. Əgər etiraz eləməsəniz, 2 fəsli bir səsə qoyaq, 2 fəsli də bir. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm 1-ci və 2-ci fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
3-cü və 4-cü fəsillərə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinə bütövlükdə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Təşəkkür edirəm.
Hörmətli deputatlar, burada fikir səsləndi, Vahid müəllim üçüncü oxunuşla  bağlı fikir səsləndirdi. Amma müzakirələr göstərdi ki, hələ burada araşdırılası məsələlər var, Vahid müəllim. Ona görə tələsməyək. Bir 10 günə buna baxmaq olar. Bizim artıq demək olar ki, vaxtımız sona çatıb, saat 2-dir. Nə təklif edirsiniz? Bir qanun layihəsi qalıb. İmamverdi müəllim, buyurun, eşidirəm Sizi. Nə təklif edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Fasiləsiz? Onda fasiləsiz davam edək. Növbəti məsələ Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Birinci oxunuşdur. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, mən millət vəkillərinə  qəbul etdiyimiz qanunla bağlı səmimi təşəkkür edirəm. Qanun layihəsi barədə çox dəyərli təkliflər verdilər, qısa zaman kəsiyində o təkliflər nəzərə alınacaq və yəqin ki, növbəti iclasımızda bu məsələ öz həllini tapacaq. Ölkələrin ticarət siyasəti milli iqtisadiyyatların qorunması və xarici dövlətlərlə qarşılıqlı iqtisadi əlaqələrin qurulması üçün həyata keçirdikləri mexanizmlər dəstindən ibarətdir. Belə vasitələrdən biri də antidempinq siyasətidir. Hazırda dünyada ticarət siyasəti iki istiqamətdə aparılır. Birincisi, milli məhsulların xarici bazarlara hərəkətinə dəstək olan, digəri isə milli istehsalçıları xarici rəqabətdən qoruyan istiqamətdir. Bu siyasət  ticarəti məhdudlaşdıran tədbirlərlə,  tarif və qeyri-tarif tədbirlərlə, həmçinin ticarəti müdafiə edən tədbirlərlə, antidempinq, kompensasiya və xüsusi müdafiə tədbirləri ilə həyata keçirilir. Ümumdünya ticarət təşkilatının normalarına görə milli istehsalçının müdafiəsi məqsədi ilə gömrük tarifindən istifadə də məhdudlaşdırılır. Eyni zamanda, normalara əsasən xüsusi hallarda müvəqqəti olaraq antidempinq, kompensasiya və mühafizə tədbirlərindən də istifadə edilir.
Qlobal dünya böhranı şəraitində artıq bir çox dövlətlərdə antidempinq tədbirləri həyata keçirilir. Beynəlxalq təşkilatların məlumatlarına əsasən 1995–2010-cu illər ərzində Ümumdünya Ticarət Təşkilatının üzvləri 2500-ə qədər antidempinq tədbiri, 139 kompensasiya tədbiri, 100-dən çox müdafiə tədbiri həyata keçiriblər. Əgər ötən əsrin 1970–1980-ci illərində bu tədbirlərdən yalnız bir neçə inkişaf etmiş ölkə istifadə edirdisə, məsələn, Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Avropa Birliyi və başqaları, sonrakı illərdə Hindistan, Argentina, Türkiyə, Çin, Braziliya kimi ölkələr də istifadə etməyə başlayıb. Təkcə Hindistanda son 15 ildə 500-ə qədər antidempinq tədbiri həyata keçirilmişdir. Mən bu  rəqəmləri ona görə deyirəm ki, milli iqtisadiyyatın güclənməsi istiqamətində atılan addımların daha da səmərəli olması, daxili bazarın qorunmasının  sivil yollarla təmin edilməsi üçün belə bir qanuna ehtiyac var. Dünyanın bir çox ölkələrində bu qanunla əlaqədar  çox böyük işlər görülür. Mən dünən Amerika Birləşmiş Ştatlarının səfiri cənab Robert Sekuta ilə görüşəndə də bu barədə söhbət etdik. Layihənin hazırlanmasının hüquqi əsası nədir?
Azərbaycanda “Gömrük tarifi haqqında” Qanun qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli sərəncamı var. Eyni zamanda, “Azərbaycan 2020:  gələcəyə baxış” İnkişaf Konsepsiyasında  milli iqtisadiyyatın daha da sürətlə inkişafı istiqamətində konkret vəzifələr müəyyən edilmişdir. Layihənin hazırlanması zamanı müraciət olunan beynəlxalq təcrübə nədən ibarətdir? Ümumdünya Ticarət Təşkilatının 1994-cü ildə qəbul etdiyi Tariflər və ticarət üzrə baş saziş, tariflər və  ticarət üzrə maddələr, Subsidiyalar və kompensasiya tədbirləri haqqında saziş, Mühafizə tədbirləri haqqında saziş, Avropa İttifaqının direktivləri, Avrasiya İqtisadi Birliyinin müvafiq sənədləri, Amerika Birləşmiş Ştatları və digər ölkələrin qanunvericilik təcrübəsi. Azərbaycan bu gün dünya ölkələri ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq həm də onu göstərir ki, bir sıra ölkələr idxal olunan mallara öz ölkələrində kifayət qədər təşviq verirlər,  bu kimi tədbirlər də Azərbaycanın daxili bazarında müəyyən problemlər yaradır.
Layihənin mahiyyəti bundan ibarətdir ki, o, Azərbaycan Respublikası və onun istehsalçılarının iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli və ya subsidi-yalaşdırılmış idxalla bağlı həyata keçirilən tədbirləri tənzimləyir. Antidempinq tədbiri dedikdə, dempinqli id-xalın, yəni ixracatçı ölkənin daxili bazarında satış qiymətindən ucuz qiymətə malın ölkəmizə idxalına qarşı həyata keçirilən tədbirlər nəzərdə tutulur. Antidempinq tədbirləri müvəqqəti antidempinq rüsumu və yekun antidempinq rüsumu formasında tətbiq oluna bilər.
Qanun layihəsində kompensasiya tətbiqinə də həsr olunan bir neçə maddə var. Kompensasiya tədbirləri dedikdə, xarici dövlət tərəfindən malın istehsalı, daşınması və ixracına subsidiya verildikdə və belə mal ölkəmizə idxal olunduqda həmin idxala münasibətdə tətbiq olunan tədbirlər nəzərdə tutulur. Kompensasiya tədbirləri müvəqqəti kompensasiya rüsumu, öhdəliklər və yekun kompensasiya rüsumu formasında tətbiq oluna bilər. Mühafizə tədbirləri dedikdə, bu, qanun layihəsinin bir neçə maddəsində öz əksini tapmışdır, hər hansı malın idxalının müəyyən müddətə artımı yerli istehsal sahəsinə ciddi zərər vurduqda və ya təhlükə yaratdıqda tətbiq olunan tədbirlər başa düşülür. Mühafizə tədbirləri müvəqqəti xüsusi rüsum, yekun xüsusi rüsum və idxal kvotası formasında tətbiq oluna bilər. Tədbirlərin tətbiqi ilə bağlı araşdırma ən vacib araşdırmalardan biridir. Mən bunu tam məsuliyyətlə deyirəm. Hazırda İqtisadiyyat Nazirliyi cənab Prezidentin tapşırığı ilə bu istiqamətdə ciddi araşdırmalar aparır. Mən bu materialları sizə  çatdıra bilərəm. Hər hansı bir ölkədən dempinqli və ya subsidiyalaşdırılmış  idxalın olması belə idxala münasibətdə avtomatik olaraq antidempinq, kompensasiya və ya mühafizə tədbirlərinin tətbiqi anlamı yaradır. Tədbirlərin tətbiqi üçün araşdırma orqanı tərəfindən müvafiq araşdırma aparılmalı, yerli istehsal sahəsinə idxalın zərər vurması və ya zərər vurması təhlükəsi faktı sübuta yetirilməlidir.
Hörmətli Ziyafət müəllim, bu, birinci oxunuş olduğu üçün mən çox danışmaq istəmirəm. Qanunun gələcəkdə qəbulu ölkəmiz və onun yerli istehsalçıları üçün aşağıdakı əhəmiyyəti kəsb edəcəkdir. Antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı normativ hüquqi bazanın yaradılması, yerli istehsalçılara zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli və ya subsidiyalaşdırılmış idxalın yerli istehsalçılara ciddi zərər vuran artmış  hallarının müəyyən olunması və onlara qarşı müvafiq tədbirlərin görülməsi. Yerli istehsalçıların xarici iqtisadçıların haqsız rəqabətindən, dempinq edilmiş, subsidiyalaşdırılmış və ya artmış idxalın zərərli təsirlərindən qorunması  kimi halları mən çox saya bilərəm. Qeyd eləmək istəyirəm ki,  dünyanın əksər ölkələrində beynəlxalq səviyyədə belə qanunlar qəbul edilmişdir və bu qanunlardan lazım olduğu məqamlarda, yəni ayrı-ayrı hallarda istifadə olunur. Hesab edirəm ki, bu qanun Azərbaycanın  milli iqtisadiyyatının inkişafına təsir göstərən haqsız rəqabətin aradan qaldırılmasına, o  ucuzlaşdırılmış  idxalın təsirinin azaldılmasına öz müsbət təsirini göstərəcəkdir.
Bu, birinci oxunuşdur. Artıq biz iqtisadiyyat nazirinin  müavinlərinin iştirakı ilə keçirilən iclasda bu məsələləri ətraflı işıqlandırdıq. Mən əminəm ki, bu qanun layihəsinin üzərində xeyli iş gedəcək. Layihənin dili ağırdır, maddələr çoxdur, biz bunları  ixtisar edəcəyik. Müasir Azərbaycan iqtisadiyyatının  rəqabətə davamlı olması,  milli iqtisadiy-yatın sivil yollarla  qorunması, idxal olunan malların Azər-baycanın sivil normativlərinə uyğunluğunun müəyyən edilməsi üçün bu qanuna ehtiyac var. Millət vəkillərindən xahiş edərdim ki, cənab Prezidentin müasir dövr üçün im-zaladığı bu qanun layihəsinə birinci oxunuşda müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, qanun layihəsinin birinci oxunuşda konseptual cəhətdən müzakirəsinə başlayırıq. Hikmət Məmmədov, buyurun.
H.Məmmədov. Sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Doğrudan da, dempinq haqqında qanun layihəsi yenidir, vacibdir. Ən əsası da cənab Prezidentin həyata keçirdiyi islahatlar paketinə xidmət göstərəcək bir qanundur. Eyni zamanda, yerli istehsalı təşviq edəcək və rəqabət qabiliyyətli məhsulların ölkəmizə daxil olmasını təmin edəcək bir qanundur. Əlbəttə, bu,  yeni qanun layihəsi olduğuna görə bir az həssas yanaşmaq lazımdır. Çünki elə məsələlər var ki, bu qanunun müddəaları  əgər onları dəqiq qəbul etməsək və o ifadələri dəqiq seçməsək, yerli istehsalçıların hüququnu  deyil, yerli inhisarçıların hüququnu qoruyacaqdır. Mən nəyi nəzərdə tuturam?
Son dövrlərdə, manatın devalvasiyasından sonra biz  ba-zarda idxal olunan məhsullarla yerli istehsal olunan məh-sulların davranışlarını müqayisə etsək, görəcəyik ki, bəzi hallarda yerli məhsul bir neçə dəfə artıb,  idxal məhsulları isə bir neçə faizlə kifayətlənə bilib. Ona görə hesab edirəm ki, xüsusilə dempinqli idxal məsələsində daha diqqətli olmalıyıq və burada “malın normal dəyəri” ifadəsindən “normal” sözü çıxarılmalıdır. Malın dəyəri var. Bu çox konkret ifadədir. Hüquqda “normal” və ya “qeyri-normal”, yaxud da “təxmini” ifadələrinin işlədilməsi doğru deyildir. Eyni zamanda, yaxşı olardı ki, burada ixracatçıların vergidən azad olunması məsələsi də öz əksini tapsın. İlk baxışda belə görünəcək ki, əgər yerli istehsalçı ixracatla məşğul olursa və o vergidən azad edilirsə, dövlət büdcəsi çox şey itirə bilər. Ancaq mən hesab edirəm ki, əsla belə şey olmaz. Çünki yerli istehsalçı əgər ixracata təşviq olunarsa, birinci, bu, iş yerləri deməkdir, ikincisi, ölkəyə valyutanın cəlb olunması  və iqtisadi dövriyyənin qarşılıqlı şəkildə tamamlanması deməkdir. Başqa bir məsələ dempinqli idxal mallarının qiymətlərinin müəyyənləşməsində tətbiq olunan meyarlardır.
Qanunun 7-ci maddəsinin ikinci bəndində  vergitutma, satış şərtləri, kəmiyyət göstəriciləri və sair yazılır. Axırda da qeyd olunur ki, qiymətlərin müqayisəsinə təsir edən digər əsaslandırılmış sübutlar. Bax, “digər”, “sair” və “ilaxir”  kimi sözlər müstəqil leksik vahid deyillər və heç bir semantik məzmun kəsb etmirlər. Əgər belə olacaqsa, burada vergi xidmətində qiymət ilə bağlı manipulyasiya etmək üçün imkanlar yaranacaqdır. Ona görə də, mən hesab edirəm, “digər əsaslandırılmış sübutlar” ifadəsi buradan çıxarılmalıdır ki, konkret məzmun kəsb edilsin. Çünki hüquq məntiqi konkret olmalıdır. Deyəcəklərim bu qədər idi. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Hörmətli həmkarlar, istər-dim ki, bu qanun çox  diqqətlə oxunsun,  geniş müzakirələr aparılsın. Çünki Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında qanun layihəsinin arxasında yüz minlərlə sahibkarın marağı və eyni zamanda da, digər tərəfdə dövlətin marağı duracaq. Təbii ki, biz dövlət mara-qlarından çıxış etməliyik, amma dövlət maraqları da oldu-qca ədalətli olmalıdır. Bu qanun qəbul olunub təsdiq edild-ikdən sonra antidempinqin tətbiqi ölkədə ilk dəfə olacaq. Amma mən çox istərdim, buradakı maddələrdə xeyli məsələlər aydınlaşdırılsın ki, gələcəkdə müvafiq dövlət qurumları tərəfindən sui-istifadə hallarına, korrupsiya və digər hallara şərait yaradılmasın. Mən vaxtınızı çox almaq istəmirəm, təbii ki, nahara az qalıb. Amma bir  şeyi demək  istərdim ki,  komitə iclasına  hüquqşünaslarla  sahibkarlar da dəvət olunsun, 5–6 nəfər müzakirə eləyib onu plenar iclasa çıxarmasın.
Bir şeyi deyim. 5-ci maddədə göstərilir ki, malın gömrük ərazisinə idxalı zamanı onun ixrac qiyməti normal dəyərin-dən aşağı olarsa, dempinq idxalı tətbiq olunur. Gəlin, sizə bir misalı xatırladım. Türkiyədə bir mağazada kostyumun qiyməti 200 dollar civarındadır. Amma orada hansısa bir məhəllə var. Mən bir dəfə gedib oraya çıxmışdım. Deyir,           6 takım alırsansa, mən onu sənə 100 dollardan verəcəyəm. Sahibkar da onu ucuz alır ki, burada ucuz sata bilsin. Amma bizim gömrüyə daxil olanda deyəcəklər ki, Türkiyə bazarında kostyumun qiyməti 200 manatdır, sənə dempinq tətbiq olunacaq. İstər-istəməz malın qiyməti qalxacaq, ölkədə bahaçılıq olacaq, sahibkarlar mal gətirməkdə maraqlı olmayacaqlar, yeni-yeni iş yerləri boşalacaq. Normal dəyəri haradan alacağıq? Tutaq ki, Çin Respublikasından Qazaxıstana gətirilən malların daşınma xərci ucuzdur, Azərbaycanda isə nisbətən bahadır. Biz Çinə müraciət edəcəyik ki, sizdə ucuzdur, amma bura gələndə baha göstərilir və yaxud  bizdə ucuzdur, sizdə baha? Bu mümkün deyil.
Mən çox istərdim ki, bu qanun zavod istehsalı olan markalı mallara tətbiq olunsun. Çünki bu gün avtomobil satışı ilə məşğul olan  şirkətlər var,  avtomobilin birini 60 min dollardan deyil, 45 mindən rəsmiləşdirir ki,  rüsumu az olsun. Onu dərhal müəyyənləşdirmək mümkündür. Amma  gömrük ərazisinə daxil olandan sonra gömrük xidmətinin əməkdaşları bu normal qiyməti müəyyənləşdirmək üçün aylarla vaxt sərf edəcəklər və bu heç cür düzgün alınma-yacaq. İnsanları bəzən məcbur edəcəklər ki, gedin, qiyməti çıxarın, gətirin və sair. Bu qanun kortəbii qəbul oluna bilməz.  Cənab Prezident bir tərəfdən sahibkarlara dəstək üçün addımlar atır, digər tərəfdən də bizə sahibkarlara maneə yaradan qanunlar  göndərirlər. Mən  bu qanunun belə tələm-tələsik qəbul olunmasının qəti əleyhinəyəm. Düzdür, birinci oxunuşdur, amma çox istərdim ki, Ziyad müəllim, Siz komitənin iclasına sahibkarları, iş adamlarını, hüquqşünasları, bu sahədə mütəxəssis olan insanları dəvət eləyəsiniz. Bilirsiniz, dövlət nə qədər  çox gömrük alacaqsa, insanlarda bir o qədər qıcıq yaradacaq. Hər şey ədalətli olmalıdır. Mən belə hesab edirəm ki, bu qanunu birinci oxunuşda qəbul etmək olar. Amma çox istərdim, ciddi araşdırmalar aparılsın ki, gələcəkdə insanlara zərər vura biləcək  halların qarşısı indidən alınsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən birinci olaraq, bundan əvvəlki qanunla, yəni lisenziyalarla bağlı qanun layihəsi ilə əlaqədar cəmi bir qeydimi demək istəyirəm. Xatırlatmağa gərək var ki, cənab Prezidentin  lisenziyaların sayının azaldılması ilə bağlı qərarından sonra İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” qurumunun vasitəsilə o işlər artıq həyata keçirilir. Bayaqkı qanunun hədəfi gələcək hansısa bir işi görməyə istiqamətlənməmişdir, yəni biz artıq görülən bir işdən  bəhs edirik. Bir daha xatırlatmaq istəyirəm, “ASAN  xidmət” bizim üçün çevikliyin,  şəffaflığın, qeyri-korrupsion fəaliyyətin bir simvoluna çevrilib, bu gözəldir. Amma orada   işi həyata keçirənlər müxtəlif qurumların təmsilçiləridirlər, yəni bizdə  bu məsələdə dəqiq təsəvvür yaranmalıdır.
İkinci, hörmətli Çingiz müəllim çox narahatlıqla müəyyən problemləri vurğuladı. Bunlar hamısı başa düşüləndir, gerçək problemlərdən doğubdur. Amma faktiki olaraq dünyada  dempinqə qarşı  mübarizə var. Bu da bu cür qanunvericilik aktları ilə həyata keçirilir. Dempinq nədir? Çox sadə. Bir şirkət öz məhsuluna başqa bazarlar da qazanmaq üçün həmin məhsulu baza ölkəsindən  daha ucuz satır. Nə var ki, bazarları qazansın. İstənilən ölkə də öz bazarını qorumaq üçün buna qarşı xüsusi, yəni iqtisadi, eyni zamanda, inzibati və sair siyasət yürüdür. Ona görə Azərbaycanın daxilində buna  ehtiyac var. Faktiki olaraq cənab Prezident axırıncı konfransda dövlət satınalmaları ilə bağlı məsələni, əslində, dedi. 2 məhsulun –  Naxçıvanda istehsal olunan nəqliyyat vasitəsi və mebelin adı çəkilən kimi hamı yalnız bundan bəhs etməyə başladı. Azər-baycanda soyuducu pis istehsal olunur? Xeyr. Biz dövlət satınalmalarını daha baha qiymətə niyə kənardan həyata keçiririk? Azərbaycan Silahlı Qüvvələrində yüz minlərlə insan var. Kələmdir, kartofdur, bütün qida məhsullarını və sairi biz  daxili bazardan ala bilmərik? Bilərik. Bəs  niyə onları baha qiymətlərlə başqa ölkələrdən alırıq?
Mən bu gün çox problem  sadalaya bilərəm. Amma məqsəd  birdir. Daxili istehsalçını, yəni yerli istehsalçını qorumaq. Burada iki amil var. Həqiqətən də,  ucuz məhsulu ölkəyə gətirmək istəyənin qarşısında biz ən xoş məramla maneə yaratmış olarıq. Yəni o deyir ki, mən bunu başqa ölkədən, – Çingiz müəllimin qeyd etdiyi kimi, – daha fərqli ticari prinsiplərə görə daha çox alaraq, müqaviləni əvvəlcədən bağlayaraq və sair kimi modellər seçərək gətir-mişəm. İndi söhbət onun daxildə saxtalaşdırılmasından, bəyannamənin saxtalaşdırılmasından getmir. Biz planşet və “Mercedes” istehsal edən deyilik. Söhbət, əsasən, qida sənayesindən, tekstil və sairdən gedir. Biz burada daxili bazarı mütləq qorumalıyıq. Cənab Prezidentin son 4 aydakı əsas siyasətinin  80–90 faizini sosial-iqtisadi xarakterli məsələlər təşkil edir. Məram xoşdur, ancaq, doğrudan da, əgər burada o istisnalar ola bilərsə ki, ucuz malın qarşısını alaq, çünki o,  ölkədə yoxdur, bu, qiymət bahalaşmasına səbəb ola bilər,  o maddələrə bir daha baxmalıyıq.
Mən hesab edirəm, bu sənəd üzərində işlər davam etdirilməlidir. Bu vacibdir. Azərbaycanda yüz adda məhsul saymaq olar. İndi investisiyanın təşviqi ilə bağlı bizim son qanun layihəsi imkan verir ki, Azərbaycanda sənayeləşmə prosesi dərinləşsin, çünki gətirilən texnoloji avadanlıqlar üçün  faiz dərəcələrini qat-qat aşağı salmışıq. Ona görə də Azərbaycan,   gerçəkdən də, istehsalçı ölkəyə çevrilə bilər və qeyri-neft sektoru  sahələrini inkişaf etdirə bilər. Bunun üçün imkanlar mövcuddur, yəni var. Amma yetər ki, qeyd etdiyimiz rüsum siyasətini çevik şəkildə idarə edək. Mən bu sənədə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, daxili istehsalı qorumaqdan,  Azərbaycan sahibkarlarının istehsal etdiyi malların Azərbaycan bazarında üstünlüyünü təmin etməkdən, məhsul ucuzluğunu yaratmaqdan ötrü belə bir qanunun qəbul olunması lazımdır. İndiki dünya iqtisadi böhranında da hər bir ölkənin marağındadır ki, daha çox mal ixrac eləsin  və öz ölkəsinə daha çox valyuta gətirsin. Ona görə də bir çox  ölkələr,  şirkətlər maraqlı olacaqlar ki, öz mallarını başqa ölkələrdə, o cümlədən Azərbaycanda daha ucuz qiymətə satsınlar və burada  haqsız rəqabət şəraiti yaratsınlar. Bu haqsız rəqabətdən qorunmaqdan ötrü belə bir qanunun qəbul olunması hər bir dövlətin  və millətin marağındadır. Ümumiyyətlə, qanunun konseptual baxımdan qəbul olunmasının əleyhinə deyiləm. Amma bu qanunla bağlı bir çox sual var və bizim deputat həmkarlarımızın  narahatçılıqlarını  da mən bölüşürəm, əsaslıdır.
Birinci növbədə hörmətli akademik, komitə sədri Ziyad müəllim hesab edirəm ki, qanunu təqdim edərkən onu ki-fayət qədər əsaslandırmadı. Bizim hamımız iqtisadçı akade-miklər deyilik. Ona görə də bizim  başa düşəcəyimiz  tərzdə deyilməli idi ki, bu qanun bu saat nəyə görə lazımdır və niyə indiyə kimi qəbul etmirdik, indiki böhran dövründə qəbul edirik və bu qanun niyə Azərbaycan dilində yazılmayıb? Bunları bizə izah etməli idi. Bu qanun əgər sahibkar üçündürsə, sahibkarın başa düşdüyü dildə yazılmalıdır. Amma hansısa idarə və müəssisə üçündürsə, heç bura gəlməsinə ehtiyac yox idi. Mən hesab edirəm ki, bu qanun tam Azərbaycan dilinə tərcümə olunmalıdır. Ondan sonra qanun layihəsindən o şəkildə istifadə olunmalıdır ki,  sabah sahibkarın əleyhinə yönəlməsin. Biz bəzən yerli istehsalı qorumaq adı ilə əvvəldən daxildə monopoliya yaratmağa yönələn tədbirlərə də getməli oluruq. Mən hesab edirəm ki, indiki şəraitdə, xüsusilə cənab Prezidentin  kiçik və orta biznesin  inkişafını qarşıya qoyduğu bir vaxtda çox ehtiyatla  hərəkət etmək lazımdır. O cümlədən də biz millət vəkilləri qanunları qəbul  edərkən ehtiyatlı olmalıyıq.
Mənim bir neçə sualım var, istəyirəm, hörmətli Ziyad müəllim, yaxud da  hörmətli  iqtisadiyyat nazirinin müavini və ya başqa təmsilçilər də var, onlar aydınlıq gətirsinlər. Birinci, Azərbaycanda  hazırda dempinqli idxal  malları varmı? Varsa, bu mallar hansı ölkələrdən, şirkətlərdən gəlir  və bu malların Azərbaycana gəlməsinə hansı zərurət var? İkinci, belə bir qanun qəbul olunarkən bu,  hansı həcmdə mala tətbiq olunacaqdır? Tutaq ki, kiçik bir sahibkar  bir çamadanla, yaxud da bir zənbillə gedib haradansa ticarət malı alıb gətirirsə,  o malı axtaracaqlar ki, hansı ölkədən alıb? Bayaq hörmətli Çingiz müəllim də dedi, hansısa mağazada daha ucuzdur, hansındasa bahadır, bunamı tətbiq olunacaq, yoxsa böyük şirkətlərin böyük partiya ilə gətirdikləri mallaramı tətbiq olunacaq?
Digər tərəfdən də araşdırmalar var ki, bu, 6 aya qədər  çəkəcəkdir. Həmin araşdırmalar dövründə o mallar harada saxlanılacaqdır? Əgər gömrükdə saxlanılacaqsa, sahibkar  saxlanma xərclərini ödəyəcəkmi? Yəni bu məsələlər hesab edirəm ki, aydınlaşmalıdır. Burada biz dempinqdən, anti-dempinqdən danışırıq, amma bu layihədə dempinqin izahatı, anlayışı  yoxdur.   Hesab edirəm ki, bu qanun birinci oxunuşda  konseptual baxımdan qəbul olunmalıdır. Amma ikinci oxunuşa tələsməyə  gərək yoxdur. Bu qanun tam müzakirə olunmalıdır, ehtiyac olsa, ictimai müzakirəyə çıxarılmalıdır. Çünki mən bu qanunun, həqiqətən deyirəm, nə qədər gərəkli və ya nə qədər zərərli olacağını hələ özüm üçün aydınlaşdıra bilməmişəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rauf Əliyev.
R.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim.  Bu qanun-la bağlı qaldırılan məsələləri artıq hörmətli həmkarım Musa müəllim səsləndirdi. Ona görə təkrara ehtiyac yoxdur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Kamran Nəbizadə.
K.Nəbizadə.  Hörmətli Ziyafət müəllim,  Ziyad müəllim də bunu vurğulamışdı, qanun bir az  çətin dildə yazılıb. Bu qanunun daha  yüngül və anlayışlı formada yazılması, mən-cə, məqsədəuyğun olardı. Mən düşünürəm ki, 2-ci fəsildə 5-ci maddə ilə 16-cı maddədə təkrarolunmalar var. Amma  əsas  bir şeyi nəzərinizə çatdırmaq istərdim. Antidempinq qanunu çox vacib və aktualdır. Bu qanunun tətbiqi ilə biz yerli istehsalı, yerli sahibkarları xarici müdaxilədən, idxal olunan malların ucuz qiymətlə bazara daxil olmasından  müdafiə edəcəyik.
Burada bir başqa tərəf də var ki, bu da haradasa sosial məsələyə gətirib çıxarır. Biz bu malların ucuz qiymətlə gətirilməsinin qabağını alırıqsa,  haradasa yerli istehsalçılara da o imkanı veririk ki, onlar kartel müqaviləsi, sazişi bağlamaqla yerli bazarda qiymətlərin qaldırılmasına səbəb olsunlar. Yəni qiymətlər qaldırıla bilər və bu da sosial xarakterli bir məsələdir. Ona görə də mən düşünürəm ki, burada əsas məsələ qanunda nəzərdə tutulan araşdırıcı orqanın fəaliyyətidir. Bu araşdırıcı orqanın fəaliyyətinin  təşkilinə dair, məncə, burada bəzi əlavələr etmək olardı ki, həmin orqan potensial antidemp-inq iqtisadiyyatının sahələrini müəyyənləşdirsin, qabaqcadan nəşr edərək, ictimaiyyəti tanış etsin və bu  orqanın fəaliyyətində ictimaiyyətin, sahibkarların, iqtisadçıların iştirakı daha fəal olsun. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Hüseynov.
A.Hüseynov. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım!  Təklif olunan bu qanunun mahiyyəti və miq-yası ona görə çox mühümdür ki,  birinci növbədə biz bu qanuna hər hansı bir şirkət səviyyəsində yanaşmamalıyıq.  Ölkənin  daxili bazarının qorunması üçün, eləcə də milli iq-tisadiyyatın qorunması üçün çox mühüm əhəmiyyət kəsb edən qanundur. Nə mənada? Mən demirəm ki, Azərbaycan bazarlarında  ölkələrin təsiri baxımından belə hallar var. Amma gələcəkdə belə hallar  mövcud ola bilər.
Bildiyiniz kimi, elə şirkətlər var ki,  öz dövlətləri tərəfin-dən maliyyələşdirilir. Tutaq ki,  qiymətlərin  tənzimlənməsi o dövlətlərin inhisarında olur. Həmin mallar məqsədyönlü şəkildə Azərbaycan bazarına, ölkə bazarına  öz ölkələrindəki qiymətlərdən dəfələrlə ucuz şəkildə  daxil olur və bu zaman, əslində, o malı gətirən  şirkət uduzmur, bu, qanunda da göstərilib. O xərclər həmin dövlət tərəfindən  subsidiyalaşdırılır, yaxud da dotasiya şəklində bağlanılır. Bu qanun layihəsinin ən böyük mahiyyəti ondan ibarətdir ki, gələcəkdə bu cəhdlər təkcə şirkət səviyyəsində, yaxud da hər hansı iş adamı səviyyəsində deyil,  dövlət səviyyəsində  olarsa, bu qanun vasitəsilə onun qarşısı alına bilər. Qanunun əsas mahiyyəti və  kökü bundan ibarətdir. O ki qaldı deputat həmkarlarımın bir çox iradlarına, mən  onu da qəbul edirəm ki, əlbəttə, qanun təkcə mütəxəssislər üçün deyil, bütün vətəndaşlar üçündür. Orada iqtisadi terminlər, ən çox beynəlxalq terminlər olsa da,  onlar anlaşılan şəkildə  olmalı, elə birbaşa qanunun adında da özünü göstərməlidir. Antidempinq əvəzinə başqa ad qoya bilərik, məsələn, bazarın ucuz malla doldurulması. Bu elə  rus dilində də, ingilis dilində də təxmini olaraq eyni məzmun kəsb edir. Ümumilikdə qanunun qəbul olunmasının  tərəfdarıyam. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Birinci,  qanun layihəsi ilə əlaqədar onu qeyd etmək istəyirəm ki, bunun  qəbul edilməsində əsas məqsəd Azərbaycanın daxili bazarını  qorumaqdan ibarətdir. Çünki bu gün Azərbaycanın daxili bazarında  təxminən 90 faizə yaxın məhsul dempinqə məruz qalan məhsuldur. Ona görə bu qanun Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Yəni burada, düzdür, dili ilə əlaqədar müəyyən problemlər var, yəqin, ikinci oxunuşda biz bu məsələlərə  toxunacağıq. Amma  qanun özü çox vacib qanundur. Mən başqa bir məsələyə toxunmaq istəyirəm.
Ziyafət müəllim, cənab Prezident son vaxtlar iqtisadi is-lahatların davam etdirilməsi ilə əlaqədar çox ciddi prob-lemlərin aradan qaldırılması üçün müəyyən qərarlar, sərən-camlar verib, o cümlədən Azərbaycan hökumətinin üzvləri də bir sıra sahələrdə çox ciddi addımlar atırlar. Məsələn, Dövlət Gömrük Komitəsi sərhəd zonasında, yəni gömrük məntəqələrində şəffaflığı təmin etmək üçün brokerlərin yalnız xidmətlə məşğul olması  ilə əlaqədar çox ciddi təd-birlər həyata keçirir, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi. Amma təsəvvür edin ki, bu gün sahibkarlar Azərbaycana mal gətirməkdə çox çətinlik çəkirlər. Yəni bizdə 15 faizə qədər gömrük rüsumu var, ondan başqa 18 faiz də əlavə dəyər vergisi var, bu, 33 faiz elədi. Bir sıra müəyyən xidmətlər də var ki, bunu da 3–4 faiz kimi üstünə gələndə Azərbaycana gətirilən mala təxminən 40 faizə qədər əlavə dəyər tətbiq olunur. Yəni şəffaflıq çox yaxşı olduğu üçün bu,  qısa müddətdə həyata keçirilir. Mən hesab edirəm ki, Azərbaycan hökuməti gömrük rüsumlarının faizlərinə təcili baxmalıdır. Yəni gömrük rüsumlarının faizlərinə baxılmasa, Azərbaycana gətirilən malların qiymətindəki  artımları biz yaxın vaxtlarda hiss edəcəyik. Ona görə Azərbaycan hökumətinə təklif edərdim, qısa müddətdə gömrük rüsumlarının faizinə baxsın ki, Azərbaycanda ciddi problemlər yaşanmasın. Sağ olun.      
Sədrlik edən. Sağ olun. Ziyad müəllim, burada elə Sizə söz vermək istəyirəm. Çingiz müəllimin, Musa müəllimin sualları oldu, bəlkə bir aydınlıq gətirəsiniz. Buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri!  Əvvəla, mən çox təşəkkür edirəm ki, qanun layi-həsinin birinci oxunuşu ilə əlaqədar  bir sıra təkliflər verildi. Şübhəsiz ki, komitə, yaradılacaq işçi qrupu, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə  bu qanun layihəsi üzərində xeyli iş aparacağıq. Hələ ki, qanunun birinci oxunuşudur və əsasnaməyə görə də bu qanun layihəsində heç bir düzəliş etməyə mənəvi hüququmuz yoxdur. Qanun layihəsi cənab Prezident tərəfindən birinci oxunuşa necə göndərilibsə,  eyni qaydada da Milli Məclisə təqdim olunmalıdır. Ona görə onun dilində  tərcümədən olan qüsurlar var.  Mən artıq bu barədə  bilavasitə iqtisadi strukturların rəhbərləri ilə danışmışam. Millət vəkilləri də bizim komitə iclasında bu barədə kifayət qədər deyiblər.
Qanun bizə nəyə görə lazımdır? Azərbaycan 140-dan artıq ölkə ilə əməkdaşlıq edir. Bu ölkələrin demək olar ki, 90 faizində bu qanun var. Müstəqilliyin ilk illərində bizim imkanımız yox idi, bazarımız kasad idi, maliyyə vəsaitimiz az idi. Bu gün tamamilə başqa bir vəziyyət yaranıb və biz artıq görürük ki, bizimlə əməkdaşlıq edən ölkələrin bəziləri bağlanılan sazişlərə, hətta Ümumdünya Ticarət Təşkilatının üzvləri olmalarına baxmayaraq, Azərbaycana idxal olunan mallarla bağlı mütləq formada  dempinq siyasəti yürüdürlər. Mən bayaq da dedim, istəməzdim ki, bugünkü iclasda  bu qanun layihəsini konkret faktlarla zənginləşdirim. Əsas məsələ ondan ibarətdir ki, biz suveren dövlətik, suveren dövlətin əməkdaşlığı var, əlaqələri var və bu əlaqələrin daha sistemli olması üçün, gələcəkdə Ümumdünya Ticarət Təşkilatına  daxil olmağımız üçün bunları bilməliyik, etməliyik. Konkret misal göstərim. Son illərdə Azərbaycanda kartof idxalı o qədər artdı ki, bizim fermerlər bir sıra rayonlarda onun yetişdirilməsini dayandırdılar. Çünki idxal olunan kartofun maya dəyəri  3–4 dəfə yerlərdə yetişdirilən kartofun maya dəyərindən yuxarı idi. Araşdırmalar  aparıldı, məlum oldu ki, kartof idxal edən ölkələrdə həmin ixracatçılara  subsidiyalar, əlavə pullar verilir.
Elə götürək sement istehsalını. Bir sıra ölkələrdə mallarını Azərbaycan bazarına çıxaran bir çox sement istehsalçısı orada elektrik enerjisi, qaz pulu ödəməkdən azaddır. Amma bizim istehsalçılarımız kifayət qədər zərər çəkirlər. Burada əvvəla, onu  deyim ki, qanun layihəsinə diqqətlə baxanda görürsən, araşdırmalar müraciətlə olur. Müraciət edilir ki, mən sahibkaram, istehsal edirəm, mənim istehsal xərclərim budur, ancaq mənim ölkəmə idxal olunan məhsulun istehsal xərcləri, satışı qat-qat aşağıdır. Araşdırmalar göstərir ki, doğrudan da, bu gün qloballaşan dünya böhranı şəraitində bir çox ölkələr antidempinq  siyasətinə əl atırlar. Xatırlayırsınızsa, bir vaxtlar  Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlər gərginləşmişdi, o vaxtlar buna “ножки Буша” deyirdilər.  Metal materiallar, metallurgiya məhsulları  Rusiyadan ucuz qiymətə alınıb Amerika bazarına çıxarılırdı. Bu mallar Amerika bazarına çıxarılanda oranın metallurqları sözün əsl mənasında tətilə çıxdılar və Konqresə müraciət etdilər. Ondan sonra Buş  Rusiyanın metallurgiya məhsullarına veto qoydu. Ondan soruşdular: “Axı siz Ümumdünya Ticarət Təşkilatının üzvüsünüz. Bu nə deməkdir?”  O cavab verdi: “Mənim üçün Amerikanın iqtisadi təhlükəsizliyi Ümumdünya Ticarət Təşkilatının prinsiplərindən daha güclüdür”. Yəni burada söhbət Azərbaycan sahibkarının maraqlarının pozulmasından və yaxud da kiminsə  hədəfi olmasından getmir. Söhbət ondan gedir ki, sivil Azərbaycan dövləti sivil qaydalara uyğun olaraq qanun layihəsi hazırlayır. Bu qanun layihəsi də  bizim Tariflər haqqında qanunumuza uyğun gəlir. Təbii ki, araşdırmalar olacaq, burada çoxlu misallar var ki, həqiqətən, biz daxili bazarımızı sivil yollarla qorumaq səviyyəsinə hələ çatmamışıq.
Yaxşı ki, cənab Prezident, – bu məsələni mən xatırlayıram, – hələ  2004-cü ildə demişdi ki, Azərbaycanın daxili bazarı qorunmalıdır. Ona görə mən hesab edirəm  ki, qanun layihəsi çox vacib mərhələdə hazırlanıb. Amma onun təkmilləşməsinə ciddi ehtiyac var. Hörmətli Musa müəllim  dempinqli mallar və sair haqqında dedi. O anlayışlar ayrı-ayrı yerlərdə verilir. Ola bilsin ki, biz onları da təkmilləşdirək. Ona görə mən millət vəkillərinə  təşəkkür edirəm. Amma bu, birinci oxunuşdur.  Milli Məclisin ənənəsi var, buna  sadiq olmalıyıq. Birinci oxunuşda bizim mənəvi haqqımız yoxdur ki, Milli Məclisin müzakirəsinə onu dəyişdirib çıxaraq. Ona görə millət vəkillərinə çox təşəkkür edirəm və xahişim budur ki, birinci oxunuşda qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Çox sağ olun, təşəkkür edirəm. Təklif var, qanun layihəsi birinci oxunuşda səsə qoyulsun. Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.48 dəq.)
Lehinə 94
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti iclasın tarixi barədə sizə məlumat veriləcək.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi