2016-ci il 15 mart tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
III SESSİYASI İCLASININ

PROTOKOLU № 12

Milli Məclisin iclas salonu.
15 mart 2016-cı il

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 109 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 103
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Heydər Əsədov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Əbülfəz Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Mikayıl Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Ramin Quluzadə, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Rüfət Aslanlı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Tahir Budaqov, Azərbaycan Respublikası Dövlət Statistika  Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Abbas Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.
Ramiz Həsənov, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Baba Rzayev, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin  sədri.
Yaşar Həsənov, “Azəristiliktəchizat” Açıq Səhmdar  Cəmiyyətinin  sədri.
Əhməd Əhmədzadə, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin  sədri.
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Natiq Əzizov, Azərbaycan Respublikası Baş nazirinin köməkçisi.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının  sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.
Ragim Lətifov, Azərbaycan Respublikası fövqəladə  hallar nazirinin müavini.
Natiq Abbasov, Azərbaycan Respublikası energetika nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazrinin müavini.
Tofiq Rəfiyev, Azərbaycan Respublikası mudafiə sənayesi nazirinin müavini.
Etibar Məmmədov, “Azərsu” Açıq Səhimdar Cəmiyyəti sədrinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.
2. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
3. Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Artur Rasizadə, Yevda Abramov, Rəşad Mahmudov, Elmira Axundova, Musa Quliyev, Fəzail İbrahimli, Azər Badamov, Fərəc Quliyev, Musa Qasımlı, Astan Şahverdiyev, Əli Məsimli, Tahir Rzayev, Qüdrət Həsənquliyev, Əli Hüseynli, Fəzail Ağamalı, Elman Nəsirov, Qənirə Paşayeva, Aydın Mirzəzadə, Mirkazım Kazımov, Hadi Rəcəbli, Yaqub Mahmudov, Bahar Muradova, Çingiz Qənizadə, Siyavuş Novruzov, Əflatun Amaşov, Kamilə Əliyeva, Sahib Alıyev, Eldar İbrahimov, Sona Əliyeva

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.31 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

2. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.35 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

3. Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Elmira Axundova, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Valeh Ələsgərov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.43 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1-3-cü maddələri qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.59 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Təklif: 4-11-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.00 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Təklif: 12-13-cü maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.00 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.01 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.01 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

MİLLİ MƏCLİSİN İCLASI

15 mart  2016-cı il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli Artur müəllim, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 103
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, iclasa başlamazdan əvvəl icazə verin, bir neçə gün öncə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada baş vermiş terror aktı nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad eləyək. (Hamı ayağa qalxır.)
Allah rəhmət eləsin. Yaralılara da Allah şəfa versin.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
 
Gündəlik təsdiq olundu, sağ olun.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, bu gün Milli Məclisin 5-ci iclası olduğu üçün qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatını dinləyəcəyik. Artıq məlumat təqdim olunub.
Təqdim olunmuş hesabatdan göründüyü kimi, ötən il dünya iqtisadiyyatında mənfi meyillər daha da  güclənmiş, iqtisadi fəallıq xeyli zəifləmişdir. Təbiidir ki, dünyada baş verən bu tendensiya Azərbaycandan da yan keçməmişdir. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət dünya iqtisadiyyatında yaranmış vəziyyətin Azərbaycan iqtisadiyyatına az təsir etməsinə gətirib çıxarmışdır. Hesab edirəm ki, ümumi daxili məhsulun 1,1 faizlə ifadə olunan artımı indiki şəraitdə məqbul sayıla bilər. Onu da nəzərə almalıyıq ki, artım bütövlükdə qeyri-neft sektorunun, xüsusən qeyri-neft sənayesinin payına düşür.
Hörmətli millət vəkilləri, həmişə olduğu kimi, 2015-ci ildə də Azərbaycan investisiya qoyuluşları üçün cəlbedici olmuşdur. İl ərzində ölkədə sosial-iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsinə 16 milyard manata yaxın sərmayə qoyulmuşdur. Bu vəsaitin 56 faizi daxili maliyyələşmə hesabına təmin olunmuşdur. Ötən il ölkənin neft sektoruna 7,1 milyard manat, qeyri-neft sektoruna isə 8,8 milyard manat investisiya ayrılmışdır. Bu, qeyri-neft sektorunda sahibkarlığın inkişafı üçün əlverişli  şərait yaratmışdır.
2015-ci ildə Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət dövriyyəsi həyata keçirmişdir. Bu dövriyyənin 47 faizi və ixracın 60 faizi Avropa İttifaqı ölkələrinin payına düşür.
Nazirlər Kabinetinin illik hesabatının parlamentdə dinlənilməsi dövlət hakimiyyəti orqanları arasında əlaqələrin güclənməsinə, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasına və həllinə öz köməyini göstərir. Ötən il hesabatın müzakirəsi zamanı millət vəkillərinin verdiyi təkliflər hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Hesabatdan da görünür ki, verilən təkliflərin bir çoxunu hökumət özünün gələcək işində əməli məsələlər kimi qiymətləndirmiş və öz hesabatında əks etdirmişdir.
Hörmətli millət vəkilləri, Milli Məclisin iş qaydasını belə müəyyən edək ki, ilk öncə hörmətli Baş nazir Artur Rasizadə məlumat versin, sonra müzakirələrə başlayaq. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hörmətli Artur müəllim, xahiş edirəm, buyurun.
A.Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Hörmətli Sədr, hörmətli deputatlar! 2015-ci ildə Milli Məclisə keçirilmiş demokratik və ədalətli seçkilər ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan daxili və xarici siyasətin xalq tərəfindən dəstəkləndiyini bir daha təsdiq etmişdir. İmkandan istifadə edərək deputat seçilməyiniz münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.
2015-ci il Avropa idmanının bayramı kimi yaddaşlarda qalacaqdır.  Yüksək  səviyyədə  və  uğurla təşkil olunmuş I Avropa Oyunları ölkəmizin artan potensialını nümayiş etdirdi. Oyunların keçirilməsi üçün qısa müddətdə tikilib başa çatdırılmış müasir tələblərə cavab verən çoxsaylı idman sahələri və qurğuları idmanın gələcək inkişafına böyük töhfələr bəxş edəcəkdir.
Hörmətli deputatlar, dövlət başçısının Nazirlər Kabinetinin keçən ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışında görülmüş işlərin ətraflı təhlili verilmiş, 2016-cı ildə qarşıda duran prioritet vəzifələr və gələcək inkişaf yolları müəyyən edilmişdir. Ölkə rəhbərinin yeni qlobal çağırışlara uyğun aparılacaq islahatların əsas istiqamətləri ilə bağlı verdiyi tapşırıqlar hökumət tərəfindən cari ilə və yaxın gələcəyə fəaliyyət proqramı kimi qəbul olunmuşdur.
Hesabat ilində iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun dəyəri real istifadədə 1,1 faiz artmışdır. Diqqətəlayiq haldır ki, qeyr-neft sənayesində artım 10 faiz təşkil etmişdir. Əsas kapitala yönəlmiş 16 milyard manat vəsaitin 55 faizdən çoxu qeyri-neft sektorunun payına düşmüşdür. Orta aylıq əmək haqqı 5 faiz, əhalinin gəlirləri 5,7 faiz artmış, illik inflyasiya isə 4 faiz səviyyəsində qeydə alınmışdır.
Maliyyə və pul sektorundakı çətinliklərə baxmayaraq, hökumətin və Mərkəzi Bankın ümdə vəzifələrdən biri inflyasiyanın təkrəqəmli səviyyədə saxlanılması olmuş və bu, təmin edilmişdi. Bununla belə, qeyd olunmalıdır ki, 2015-ci ildə ölkəyə valyuta daxilolmalarının əhəmiyyətli dərəcədə azalması ilə əlaqədar makroiqtisadi tarazlığın və iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunması zərurəti manatın devalvasiyasını qaçılmaz etmişdir. Keçən il dövlət büdcəsi gəlirlərinin icra səviyyəsi bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının və prioritet kəsb edən layihələrin tam həcmdə maliyyələşdirilməsinə imkan vermişdir.
Əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilmişdir. Ünvanlı dövlət sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği artırılmış və ümumilikdə bu məqsədə 197 milyon manatdan artıq vəsait xərclənmişdir. Əmək pensiyalarının orta aylıq artımı 2,4 faiz təşkil etmişdir. İmtiyazlı şəxslərə 427 mənzil və fərdi ev verilmiş, 400  nəfər  dövlət  hesabına  minik   avtomobili   ilə   təmin  edilmişdir. Son 12 ildə sosial müavinətlərin, o cümlədən əlilliyə görə müavinətlərin orta aylıq məbləği 3 dəfədən çox artırılmışdır.
Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə daha 5 müasir tipli qəsəbə salınmış, 15 min məcburi köçkün yeni mənzillə təmin edilmiş və digər sosial obyektlər istifadəyə verilmişdir. Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 430 milyon manat vəsait xərclənmişdir. İqtisadiyyatın inkişafında və əhalinin həyat səviyyəsinin yüksəldilməsində əhəmiyyətli yer tutan Regionların sosial-iqtisadi inkişafı üzrə 3-cü Dövlət Proqramının icrasına il ərzində 3,6 milyard manat vəsait yönəldilmişdir. Həmin proqramda sənaye parklarının və məhəllələrin, loqistik mərkəzlərin, iri fermer təsərrüfatlarının yaradılması, yeni emal müəssisələrinin və iş yerlərinin açılması, istehsal və sosial infrastrukturun səviyyəsinin daha da yüksəldilməsi prioritet kimi qarşıya qoyulmuşdur.
Belə ki, keçən il istehsal və sosial infrastrukturun yenidən qurulması ilə bağlı mühüm işlər görülmüş, 400 kilometrdən artıq respublika və yerli əhəmiyyətli, 600 kilometrə yaxın kəndlərarası yollar çəkilmişdir. Rayonlarda 2 elektrik stansiya istifadəyə verilmiş, onlarla yarım stansiya quraşdırılmış və ya təmir edilmiş, minlərlə kilometr elektrik və qaz xətləri çəkilmiş, 430 yaşayış məntəqəsi təbii qazla təmin olunmuşdur. Xeyli sayda məktəb və uşaq bağçası, səhiyyə, mədəniyyət və idman obyektləri tikilmiş və ya əsaslı təmin edilmişdir. 4 şəhərdə su təchizatı layihəsi başa çatdırılmış, yüz kilometrlərlə yeni su və kanalizasiya xətləri çəkilmiş, çay kənarında yerləşən 58 kənddə modul tipli su təmizləyici qurğular quraşdırılmışdır.
Son illər qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, nəzərə çarpan nəticələr əldə olunmuşdur. 2014-cü ilin “sənaye ili” elan edilməsi, Sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramının icrasına başlanılması ölkənin sənayeləşmə prosesinə dinamizm vermişdir. Bu sektorda ənənəvi sahələrlə yanaşı, kosmik, müdafiə, alternativ enerji, gəmiqayırma və digər yeni sahələr yaradılmış, xeyli sayda müasir istehsal və emal müəssisələri fəaliyyətə başlamışdır. Ümumilikdə il ərzində 269 sənaye müəssisəsi yaradılmışdır.
Əvvəlki illərdə çoxsaylı sosial və istehsal infrastrukturun yaradılması qeyri-neft sektorunun inkişafını şərtləndirən əsas amillərdəndir. Bəzi oponentlərimiz bunu qəbul etmək istəməsələr də, faktlar reallığı daha dəqiq əks etdirir. Belə ki, son 12 ildə ölkənin müxtəlif regionlarında 25 elektrik stansiyası tikilib istismara verilmiş, 10 min kilometrdən çox elektrik xətləri çəkilmiş, 1500-dən artıq yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur. Bölgələrdə qazlaşdırılmanın səviyyəsi 80 faizədək yüksəlmiş, bu müddətdə 10 min kilometrdən artıq respublika və yerli əhəmiyyətli avtomobil yolları salınmış və yenidən qurulmuş, 421 yeni körpü, yol qovşağı, keçid və tunel tikilərək istifadəyə verilmişdir.
Sosial infrastrukturun yenilənməsinə və genişləndirilməsinə xüsusi önəm verilmişdi. 10 minə yaxın məktəb, 600-ə qədər xəstəxana tikilmiş və təmir edilmiş, çoxlu sayda mədəniyyət və idman obyektləri inşa edilmişdir. Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə iri həcmli su layihələri həyata keçirilmiş, 384 yaşayış məntəqəsində su təmizləyici qurğular quraşdırılmışdır.
2014–2015-ci illərdə qaçqın və məcburi köçkünlər üçün 89 müasir qəsəbə və yaşayış kompleksi salınmış, 225 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Onların sosial problemlərinin həllinə ümumilikdə 4,6 milyard manat vəsait sərf olunmuşdur.
Bu illər ərzində yuxarıda qeyd etdiyim istehsal və sosial infrastruktur yaradılmasa idi, hər hansı inkişafdan, o cümlədən qeyri-neft sektorunun inkişafından söhbət gedə bilməzdi. Məhz həyata keçirilmiş bu konkret işlər və digər sahələrdə əldə olunan müsbət nəticələr sayəsində keçən il həmin sektorun ümumi daxili məhsuldakı xüsusi çəkisini 70 faizədək yüksəltmək mümkün olmuşdur.
Hesabat ilində sahibkarlığın inkişafına dəstək tədbirləri genişləndirilmiş, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Nəticədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya təşkilatlarının sayı 10,7 faiz artaraq 84 mini ötmüşdür. Bundan əlavə, fərdi sahibkarlığın sayı 11 faiz artmış, 577 minə çatdırılmışdır. Eyni zamanda, bu sahədə aparılan yoxlamalar 2 il müddətinə dayandırılmış, iri, orta və kiçik sahibkarlıq meyarları təsdiq edilmiş, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı xeyli azaldılmışdır. Lisenziyaların müddətsiz və sadələşdirilmiş qaydada verilməsinə başlanılmış və şəffaflığın təmin edilməsi üçün bu iş “ASAN xidmət” mərkəzlərinə tapşırılmışdır. Ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 mindən artıq sahibkara 250 milyon manata yaxın güzəştli kredit verilmişdir. Onun böyük hissəsi – 64 faizi regionların payına düşmüşdür. 2004–2015-ci illərdə sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə verilən kreditlərin ümumi məbləği 1,7 milyard manat təşkil etmişdir.
Hörmətli deputatlar, neft sektoru uzun illər ölkə iqtisadiyyatının əsas sahəsi olmuşdur və əminəm ki, bundan sonra da əhəmiyyətli yer tutacaqdır. Keçən il bu iqtisadi seqmentdə mühüm işlər görülmüşdür. Belə ki, Cənub qaz dəhlizi çərçivəsində beynəlxalq əhəmiyyətli layihələr üzrə intensiv işlər aparılır. Bununla da “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsinə, Cənubu Qafqaz boru kəmərinin genişləndirilməsinə, TANAP və TAP layihələrinin icrasına start verilmişdir. Şübhəsiz ki, bu layihələr uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafına, xalqın sosial rifahının yaxşılaşmasına xidmət edəcəkdir.
Neft emalı məhsullarının həcminin və  keyfiyyətinin artırılması məqsədi ilə Heydər Əliyev adına Bakı neft emalı zavodunun yenidən qurulması layihəsi üzrə işlərə başlanılmışdır. Kimya sənayesi üçün yeni olan karbonil zavodunun, illik istehsal gücü 300 min ton olan polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı sahələrinin tikintisi davam etdirilmişdir.
Ölkənin ərzaq təhlükəsizliyinin və ixrac imkanlarının genişləndirilməsinin vacibliyini nəzərə alaraq dövlət başçısının 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etməsi bu sahənin inkişafına ciddi təkan vermişdir. Kənd təsərrüfatında məhsul istehsalı əvvəlki illə müqayisədə dəyər ifadəsində 6,6 faiz artmışdır. Bitkiçilikdə artım 11,3 faiz, heyvandarlıqda isə 2,5 faiz təşkil etmiş, taxıl, ət, süd, meyvə, kartof və tərəvəz istehsalında yüksək nəticələr qeydə alınmışdır. İl ərzində meyvə tərəvəz məhsullarının ixracı 7,2 faiz artaraq 312 milyon ABŞ dollarına çatmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın məbləği 25 faiz artırılmışdır. Bu artım, habelə mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiyalar təkrar əkinlər aparan fiziki və hüquqi şəxslərə də şamil olunmuşdur.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan herbisidlərin qiymətinə isə 70 faiz həcmində güzəşt tətbiq edilmişdir. Məhsul istehsalçılarının yüksək keyfiyyətli toxuma olan tələbatının ödənilməsi məqsədi ilə Dövlət Toxum Fondu yaradılmışdır. Xaçmaz, Quba və Göygöl rayonlarında pilot layihə kimi elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqinə başlanılmışdır. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti dövlət büdcəsindən ayrılmış 70,6 milyon manat və fəaliyyətindən əldə etdiyi 39,4 milyon manat vəsait hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarını mineral gübrələr, pestisidlər, texnika, texnoloji avadanlıqlarla təmin etmiş və müxtəlif aqrotexniki xidmətlər göstərmişdir.
Tikintisi başa çatdırılmış Şəmkirçay su anbarı ətraf rayonların min hektarlarla torpaqlarının su ilə təmin edilməsinə, suvarılan yeni sahələrin dövriyyəyə buraxılmasına imkan yaradacaqdır. Keçən il torpaq sahələrinin su təminatının və meliorativ vəziyyətin yaxşılaşdırılmasına, irriqasiya sisteminin təmir-bərpa işlərinə bütün mənbələrdən 490 milyon manatdan artıq vəsait yönəldilmişdir.
Bildiyiniz kimi, nəqliyyat sektoru iqtisadiyyat üçün xüsusi önəm kəsb edir. Məhz bu səbəbdən son illər bu sahəyə bütün sərmayələr qoyulmuş, regional və yerli əhəmiyyətli iri infrastruktur layihələri həyata keçirilmişdir. Belə ki, Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəhlizlərinin fəaliyyətinin gücləndirilməsi tranzit imkanlarını artıracaqdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisinin tamamlanması, ölkə ərazisindən böyük miqdarda yüklərin tranzit daşınması təkcə iqtisadi yox, həm də siyasi dividentlər gətirəcəkdir.
Hörmətli deputatlar, Azərbaycan Respublikası Prezidentinin, Ali Baş Komandanın gündəlik nəzarətində olan ordu quruculuğu, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi-sənaye potensialının inkişaf etdirilməsi məsələlərinə həmişə olduğu kimi xüsusi diqqət yetirilmişdir. Bunun da əsas səbəbi Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmamasıdır. Qarşı tərəf yenə də vaxtı uzadaraq problemin həllindən yayınır, aidiyyəti beynəlxalq qurumlar isə ədalətsiz və hüquqa zidd olan mövqe nümayiş etdirirlər. Bunlar nəzərə alınaraq ordunun müasir silah-sursatla təmin edilməsi, döyüş qabiliyyətinin durmadan artırılması istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Son zamanlar silahlı qüvvələrimizin işğalçı tərəfin hərbi təxribatlarına verdiyi tutarlı cavablar bunu bir daha sübut edir.
Hərbi qulluqçuların təminatının yaxşılaşdırılması məqsədi ilə yeni hərbi hissələr və şəhərciklər tikilib istifadəyə verilmiş, 1500 zabit ailəsi mənzillə təmin edilmişdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cəmiyyətin müxtəlif təbəqələri tərəfindən ianə kimi daxil olan vəsait artaraq 70 milyon manatdan çox olmuşdur. Ümumilikdə silahlı qüvvələrlə bağlı görülən bütün işlərin maliyyələşdirilməsinə 3,3 milyard manat vəsait ayrılmışdır. Hərbi-sənaye müəssisələrində müxtəlif növ atıcı silahlar, döyüş sursatları, hərbi texnika və digər müdafiə təminatlı məmulatlar istehsal edilərək silahlı qüvvələrə təhvil verilmişdir. Fərəhləndirici haldır ki, bu gün hərbisənaye kom-pleksinin müəssisələrində mindən artıq çeşiddə müdafiə təyinatlı məhsul istehsal edilir.
Hörmətli deputatlar, ümumilikdə müsbət nəticələr dünyada çox mürəkkəb proseslərin cərəyan etdiyi bir ildə qazanılmışdır. Neftin qiymətinin kəskin aşağı düşməsi, dövlətlər arasında müşahidə olunan geosiyasi qarşıdurmalar beynəlxalq məkanda ziddiyyətlərlə dolu qeyri-sabit durum yaratmışdır. Belə bir vaxtda ölkə iqtisadiyyatının inkişafının təmin edilməsi və əsas makroiqtisadi göstəricilər üzrə uğura nail olunması o qədər də asan deyildir. Şübhəsiz ki, nailiyyətlər təməli əvvəlki illərdə qoyulmuş iqtisadi maliyyə potensialı, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş və ardıcıl iqtisadi siyasət sayəsində mümkün olmuşdur. Hesab edirəm ki, bu gün dünyada gedən qlobal proseslər nəzərə alınmaqla respublikanın dövlət orqanlarının, bütün sağlam qüvvələrin yeganə məqsədi mövcud ictimai-siyasi sabitliyin qorunması, iqtisadi inkişafın davam etdirilməsi, xalqın rifahının yüksəldilməsi və ölkənin ərazi bütövlüyünün bərpasının təmin edilməsi olmalıdır. Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biz bu məqsədə çatacağıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Artur müəllim. Hörmətli millət vəkilləri, xahiş edirəm, çıxışlara yazılasınız. Buyurun, Yevda Abramov.
Y.Abramov. Təşəkkür edirəm, cənab Sədr. Mən həmişə demişəm ki, hökumətin hesabatını həmkarlarım çox səbirsizliklə gözləyirlər. Ürəyimizdə saxladığımız, seçiciləri və xalqı maraqlandıran ən ümdə məsələlər iclasa gətirilir və müzakirə edilir. Mən bu günü bayram hesab edirəm. Onsuz da bu gün bayramdır. Hamınızın, bütün millətin bayramını – ilaxır çərşənbəsini təbrik edirəm.
Cənab Baş nazir qısa, lakonik olaraq 2015-ci ildə görülmüş işlər barədə danışdı və bizə təqdim edilmiş geniş hesabatı da hamımız oxuyub mənimsəmişik. Çox doğru buyurur, 2015-ci ilimiz çox da asan keçməyib. 2015-ci ili iqtisadi təlatümlərlə başa vurmuşuq. Deputatlar mənimlə razılaşar ki, immuniteti zəif olan xəstəni müalicə etmək çox çətindir. Əlbəttə, 2015-ci ildə maliyyə problemləri dövlət və hökumət başçılarına imkan vermədi ki, qarşıda qoyulan vəzifələrin hamısını asanlıqla və vaxtında yerinə yetirə bilsinlər. Mən, ümumiyyətlə, hökumətin gördüyü işləri kafi hesab edirəm və hesabatı dəstəkləyəcəyəm.
Rəqəmləri sadalayaraq həmkarlarmı bezdirmək fikrində deyiləm. Biz daha çox işlər görə bilərdik, buna imkanlarımız da var idi. Cənab Prezidentin siyasi iradəsi, onun apardığı daxili və xarici siyasət, sabitlik, əvvəlki illərdə iqtisadiyyat sahəsində qazandığımız uğurlar bizə imkan verirdi ki, daha böyük yüksəkliklər fəth edək. Buna baxmayaraq, 2015-ci il yaddaşımızda gözəl anlarla həkk olunub. Cənab Baş nazir də bunu yüksək pafosla dedi, biz 2015-ci ildə keçirilmiş idman oyunları ilə tanındıq. Azərbaycan bir daha dünyaya öz gücünü göstərdi və bunun çox böyük siyasi, mənəvi əhəmiyyəti oldu.
Millət vəkilləri olaraq həmişə büdcənin müzakirəsində və hökumətin hesabatında seçicilərdən və rayon rəhbərliyindən aldığımız bir sıra şikayət və xahişləri hökumətin nəzərinə çatdırmağı özümüzə borc bilirik. Əlbəttə, respublikada gedən inkişaf rayonlara da aiddir. Oqtay müəllim, görülən işlər barədə danışmaq istəyirəm, çünki bunları duyuram və onların içindəyəm. Quba rayonu çox yüksək inkişaf edib. Qaz problemimiz həll olunub, işıq problemi yoxdur,  bir sıra infrastruktur layihələrinin icrasına başlanılıb. Biz keçən iclaslarda da bu məsələləri qaldırmışıq. Qonaqkənd–Şamaxı yolunda da işlər gedir. Çətinliklərə baxmayaraq, cənab Prezidentin dediyi kimi, əsas infrastruktur və investisiya yönümlü layihələrin icrası bu il də davam edəcək, gələn il də. Yəni neftin qiymətinin düşməsi bu layihələrin nüfuzuna xələl gətirə bilməz.
Amma cənab Baş nazirin və bir sıra nazirlərin burada olmasından istifadə edərək, rayon rəhbərliyini, rayon sakinlərini düşündürən bir sıra ağrılı məsələləri zala gətirmişəm. Cənab Baş nazir, Qonaqkəndin bir sıra problemlərini Sizin köməyinizlə həll etmişik. Bu yaxınlarda sağ olsun, çox vətənpərvər nazirlərimizdən olan fövqəladə hallar naziri kəndi xeyli gəzdi. Bu kənddən keçən çaya bənd vurulması işi başa çatmalıdır, çünki onlarca kənd təhlükə altındadır. Bizdə bir misal var, deyirlər ki, ölü üçün ağlayarlar. Amma gəlin, bunlardan əl çəkək, ölməyə qoymayaq. Sabah sel suları kəndləri aparandan sonra milyardlarla pul xərclənəcək. Amma Qonaqkənd–Şamaxı yolu tikilirsə, həmin tikintinin içərisində bəndvurma işləri aparılmalıdır. Rayon rəhbərliyi də bu barədə çox müraciət edib.
İkinci bir mühüm məsələ barədə danışmaq istəyirəm. Oqtay müəllim,   5 il bundan qabaq mən bu zalda bununla bağlı danışmışdım, hökumətə də təşəkkürümü bildirmişdim. Sürüşmə nəticəsində böyük bir kəndimizi – Güləzini başqa yerə köçürdük. Hökumət sağ olsun, Dərbənd yolunun üstündə onlara kənd tikdi. Amma inanın, o kəndəki evlərin heç birinin sənədi yoxdur. Prezident seçkiləri, bələdiyyə seçkiləri zamanı seçicilərimizlə görüşəndə bu suala cavab verə bilmirəm, yerimdə donub qalıram. Siz də bilirsiniz, iki-üç dəfə yuxarı instansiyalara müraciət etmişəm. Bizim bu kəndlərin tikilməsində böyük təcrübəmiz var. Sağ olsun “Qaçqınkom”un sədri Əli Həsənovu ki, Azərbaycanda onlarca belə kənd, qəsəbə tikib. Bu sənədləşmə harada aparılmalıdır? Məgər bu kənd Nazirlər Kabinetinin xəbəri olmadan salınıb? Dəfələrlə müraciət edilib. Bu gün “ASAN xidmət” fəaliyyət göstərir, insanlar getsinlər yaşayış yerinin çıxarışını alsınlar.
Orada çox gözəl bir məktəb tikilib, amma bir zal yoxdur ki, 50 nəfər yığıncaq keçirsin, deputatla, kəndə gələn qonaqlarla görüşsün. Vaxtilə Qusarda da belə bir məktəb tikilmişdi. Mən Etibar Pirverdiyevə müraciət elədim, çox sağ olsun, orada əlavə zal tikdilər. Təhsil Nazirliyindən xahiş edirəm, bu gözəl məktəbdə heç olmasa, 100–150 nəfərlik akt zalı, yaxud idman zalı tikin ki,  sabah Prezident seçkiləri gəlir.
Oqtay müəllim, bilmirəm, başqa rayonlarda necədir, “Barmek” gedəndən sonra minlərlə insanın üstünə borc paylanılıb. Mənim ünvanıma 787 manat borc gəlib. Mən 11 ildir, Bakıdayam. 20 il bundan qabaq ölmüş adamın 900 manat borcu var. Yeyintidən qalan qalıqdır, paylayıblar, cənab Prezidentin bu borcu bağışlamasını gözləyirlər. Mən bundan baş aça bilmirəm.
Mən Prezidentin köməkçisi Əli müəllimin yanında da bu məsələni qaldırmışam. Bilirsiniz, xalqı ayağa qaldırmaq lazım deyil. Sonra deyirlər ki, Qubada ayın 15-də kütləvi aksiyaya çıxmışdılar. Bəli, 80–100 adam çıxmışdı, mən də orada idim, başçı da. Belə şeylərdən xalq narazıdır, Oqtay müəllim. Xalq Prezidentin şəkli ilə küçələrə çıxıb narazılıq edir. Xalq Prezidentdən razıdır. Görünür, bu gün ən çox işləyən Prezidentdir. Bütün nazirlərin işini, az qala bizim də işimizi cənab Prezident görür. Nə vaxta qədər belə olacaq?
Belə vəziyyət digər ölkələrdə də var. Misal üçün, Rusiya hökumətinin rəhbərləri televiziyaya çıxır, altı ayda görüləcək işlər barədə xalqa məlumat verirlər. Amma biz hökumət üzvlərinin heç birini televiziyada görmürük. Onların əvəzinə orada müğənnilər didişir, xörəklər təbliğ olunur. Xalq yorulub. Bundan istifadə eləyən media da gah dolları 50 manata düşürür, gah da 255 manata qaldırır. Gah Qarabağı 3 günə alır, gah da heç almır. Bunu dayandırmaq lazımdır.
Mən hesabata səs verəcəyəm. Cənab Baş nazirə, hökumətə 2016-cı ildə bu çətinliklərin öhdəsindən gəlməyi arzu edirəm. Allah xalqımıza peşmançılıq verməsin. Qarşıdan gələn Novruz bayramı münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 5 dəqiqə istəyirsiniz, 5 dəqiqə danışın. Hələlik 10 dəqiqə ilə davam edirik. Rəşad Mahmudov.
R.Mahmudov. Cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Əhalinin sağlamlığının qorunmasında və səhiyyə sisteminin inkişafında ən vacib məsələlərdən biri olan icbari tibbi sığortanın tətbiqi həmişə dövlətimizin və Prezidentimizin diqqət mərkəzindədir. Bu gün respublikamızda icbari tibbi sığortanın tətbiqi üçün kifayət qədər təkmilləşdirilmiş qanunvericilik bazası var. Son illər səhiyyəmizdə aparılan mühüm islahatlar, o cümlədən müasir standartlara uyğun tikilmiş və ən son elmi nailiyyətləri özündə birləşdirən tibbi avadanlıqlarla təmin edilmiş tibb mərkəzləri və səhiyyə ocaqları icbari tibbi sığortanın tətbiqinə böyük köməklik edəcəkdir. Bütün bu görülən mühüm işlər artıq respublikamızda icbari tibbi sığortanın tətbiqinə zəmin və münbit şərait yaratmışdır.
Qeyd etmək lazımdır ki, zəngin, məzmunlu qanunvericilik bazasının olmasına və səhiyyədə həyata keçirilən  islahatlara baxmayaraq, icbari tibbi sığortanın tətbiqi istiqamətində hələ görüləcək vacib işlər çoxdur. Respublikamızda icbari tibbi sığortanın tətbiqində və inkişafında yalnız Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinin deyil, bütün aidiyyəti dövlət və ictimai qurumların da iştirak etməsi vacibdir. İcbari tibbi sığortanın tətbiqinin sürətləndirilməsi və təşkilinin səmərəli həyata keçirilməsi üçün aidiyyəti qurumların nümayəndələrindən ibarət bir işçi qrupunun yaradılması məqsədəuyğun olardı. Yaradılması təklif olunan işçi qrupunun əsas vəzifəsi icbari tibbi sığorta fəaliyyətinin təşkili və tətbiqində agentliklə bütün maraqlı tərəflərin qarşılıqlı əməkdaşlığının qurulmasını həyata keçirmək və hər bir vətəndaşın bu prosesdə fəal iştirakını təmin etməkdir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, Dünya Səhiyyə Təşkilatının tibb xidmətinin göstərilməsi üzrə klassifikasiyası üç əsas səviyyədə qeyd olunmuşdur. Birincisi, poliklinika səviyyəsində göstərilən xidmətlərdir, ikincisi, tibb mütəxəssisləri tərəfindən əhaliyə göstərilən ixtisaslaşmış tibbi yardımlardır, üçüncüsü, əhaliyə göstərilən yüksək texnologiyalı tibbi xidmətlərdir. Yüksək maliyyə xərci tələb edən üçüncü səviyyə hər bir vətəndaş, eləcə də hər bir tibb işçisi üçün çox əziyyət çəkdiyi bir problem olaraq qarşımızda durur. Birinci və ikinci səviyyələr isə gündən-günə inkişaf etməkdədir. Səhiyyə Nazirliyi tərəfindən ölkəmizin hər bir nöqtəsində poliklinika xidmətləri, təcili tibbi yardım, stasionar xidmətlər təşkil olunmuşdur.
Hazırda təklif olunan ilkin pilot layihədə icbari tibbi sığortanın müəyyən ərazidə tətbiqi nəzərdə tutulmaqdadır və təhlillərin nəticəsindən asılı olaraq respublikanın digər bölgələrində də tətbiq edilməsi üzərində işlənilir. Bir iqtisadçı olaraq pilot layihənin bu cür başlanğıcının bizə vaxt itkisi və bir çox problemlər yaradacağı düşüncəsindəyəm. Ərazi üzrə başladılması planlaşdırılan və hər 3 səviyyəni əhatə edən pilot layihənin tətbiqi ilə istəmədən Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan iki mərhələmizə zərər verə bilərik.
Bütün bunları nəzərə alsaq, bir neçə sual ortaya çıxır. İlk olaraq icbari tibbi sığortanın həyata keçirilməsinə haradan başlamaq lazımdır ki, var olan səhiyyə sisteminin işinə xələl gətirmədən tətbiq oluna bilinsin və eləcə də bu pilot layihə əhalinin ən çox əziyyət çəkdiyi problemi həll etməklə yanaşı, həm də mövcud səhiyyənin səviyyəsinin daha da artmasına xidmət göstərə bilsin?
Digər bir sual. Bu pilot layihəni hansı tibbi xidmət səviyyəsindən başlayaq ki, ən optimal maliyyə vəsaiti ilə ən maksimal nəticə əldə edə bilək? Məhz bütün bunları nəzərə alaraq, düşünürəm ki,  ilkin pilot layihənin yüksək texnologiyalı tibbi xidmətlə başladılması daha məqsədəuyğun olardı.
Yüksək texnologiyalı tibbi xidmət səviyyəsi üzrə icbari sığortanın tətbiqinin bizə gətirəcəyi müsbət tərəfləri sıralamaq istərdim. Birinci, bu layihə ölkəmizdə yüksək texnologiyalı tibbi xidmətə ehtiyacı olan bütün vətəndaşları əhatə edə bilər. İkinci, paytaxt və regionları əhatə etməklə, sadəcə, 8–10 yüksək texnologiyaların tətbiq olunduğu dövlət və özəl tibbi müəssisələrdə həyata keçirilə bilər ki, bu da aidiyyəti qurumların nəzarət və monitorinqini asanlaşdıracaqdır.
Yüksək texnologiyalı tibbi xidmətə tətbiq edilən icbari sığorta səhiyyənin digər sahələrində lokomotiv rolu oynaya biləcək. Bu da kadr potensialının inkişafına və bu günə qədər dövlət tərəfindən yüksək texnologiyalara qoyulan vəsaitin dirçəldilməsinə səbəb olacaq. Bu həm də son 20 il ərzində postsovet məkanında 15 respublika içərisində xaricdə tibb təhsil alınmasına ən çox vəsait sərf edən dövlətimizin planlı kadr siyasətinin nəticəsi olaraq ölkəmizdə və xarici ölkələrdə fəaliyyət göstərən yüzlərcə yüksək ixtisaslı kadrın ölkəmizdə həvəslə çalışmasına zəmin yaradacaqdır. Bu layihə həm də icbari tibbi sığorta ilə işləyən tibb müəssisələrinin özünü idarəetmə sistemlərinin təkmilləşməsinə, zaman içərisində dövlətdən gələn maliyyə dəstəyinin sıfırlanmasına və eləcə də gələcəkdə ölkəmizin digər səhiyyə ocaqları üçün tibb personalından  əlavə xəstəxana idarəetmə personalının hazırlanmasına kömək edəcəkdir.
Qeyd etmək istəyirəm ki, yalnız qarşılıqlı əməkdaşlıq sayəsində sığorta fəaliyətinin təşkili və tətbiqi ilə bağlı problemlər öz həllini tapa bilər. Sığorta üzrə vacib məsələlər müzakirə edilməklə, tərəflərin maraqları, öhdəlikləri və vəzifələri nəzərə alınmaqla səmərəli strateji planlar hazırlana bilər. Yekunda demək istəyirəm ki, hər bir işin doğru başlanğıcı müvəffəqiyyətli davamın və inkişafın əsas şərtidir. Buna görə də səhiyyənin və tibbi sığorta işinin mövcud potensialını nəzərə alaraq optimal başlanğıc missiyasının seçilməsinin çox vacib olduğunu düşünürəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən heç kimin qəlbinə toxunmaq istəmirəm. Amma gündəlikdəki məsələ Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatdır. 2015-ci il haqqında heç bir şey demək istəmirsiniz. O qədər təklifləriniz olub, həyata keçən işlər var. Elə hamı gələcək məsələlərdən danışır. Xahiş edirəm, bir az hesabatdan da danışaq. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı oxuduq, analiz etdik. İlkin olaraq onu deməliyik ki, bu hesabat ətraflı, dəqiq hazırlanıb, obyektivliyi əks etdirir. 2014-cü illə müqayisədə ümumi daxili məhsul 1,1 faiz artmışdır. Az da olsa artımdır. Neftin qiymətinin düşməsi fonunda qeyri-neft sənayesində istehsal həcminin 8,4 faiz artması çox mühüm amildir. Xüsusən qida məhsulları istehsalında 2,9 faiz, tikinti materialları istehsalında 6,3 faiz, hazır metal məmulatlarının istehsalında 54,1 faiz artım mühüm göstəricilərdir. Çünki əhalinin qida təhlükəsizliyinin təmin olunmasının, ölkədə tikinti, abadlıq və quruculuq işlərinin davam etdirildiyi dövrdə qeyd etdiyim sahələr üzrə istehsalın artımı müsbət haldır.
Əlbəttə ki, biz dövlətin gərgin fəaliyyətini, həyata keçirilən iri miqyaslı layihələri qənaətbəxş hesab edirik və bu hesabatın lehinə səs verəcəyik. Manatın devalvasiyasından sonra ümumdünya iqtisadi böhranı şəraitində respublikada yaşanan müəyyən gərginliklə əlaqədar hökumətimiz tərəfindən bir sıra mühüm addımların atılmasını da məqsədəuyğun sayardım və bununla əlaqədar bəzi təkliflərimi səsləndirmək istərdim.
İlk növbədə, kənd yerləri də daxil olmaqla sosial mənzil fondu yaradılmasının zəruriliyini bir də qeyd etmək istərdim. Hazırda respublikamızda mənzil fondunun qıtlığı ilə əlaqədar çox gərgin vəziyyət yaşanır. Şəxsən mənim qəbuluma məhz ev şəraiti, qəzalı evlərlə əlaqədar yüzlərcə adam gəlir. Respublikanın bütün regionlarında, belə demək olarsa, ucuz sosial mənzillər tikilməli və müxtəlif güzəştlərlə, aşağı qiymətlə çoxuşaqlı, aztəminatlı və gənc ailələrin ixtiyarına verilməlidir. Biz bu barədə uzun illərdir danışırıq, lakin sözdən irəli getmirik. Sosial mənzil fondunun yaradılması tikinti sektorunda da canlanmaya səbəb ola bilər. Ələlxüsus ona görə ki, sosial mənzillərin tikintisində iştirak edən şirkətlərə dövlət tərəfindən müəyyən güzəştlər ediləcəkdir.
Digər deyəcəyim məsələ ünvanlı sosial yardımla bağlıdır. Bu günlərdə Masallıda keçirdiyim qəbul zamanı sosial yardımın əhalidə formalaşdırdığı ağır fəsadları bir daha əyani şəkildə müşahidə etdim. Belə ki, qəbula gələnlərin demək olar ki, 80–90 faizinin müraciəti ünvanlı sosial yardım və maddi köməklə bağlı idi. Ünvanlı sosial yardım əhalini ələ baxımlılığa öyrətdi. Bundan savayı, cəmiyyət daxilində müxtəlif narazılıqlar yaratdı. Belə ki, sosial yardım almayan alandan və dövlət orqanlarından, sosial yardım alan isə onun həcminin azlığından şikayətlənir və sair və ilaxır. Zənnimcə, ünvanlı sosial yardım bir institut kimi özünü o qədər də doğrultmadı. Bildiyimə görə, müvafiq nazirlik bu yardımın yeni modeli üzərində işləyir və onun daha aydın və konkret meyarlar üzrə verilməsini təmin etmək istəyir. Bu işi mütləq sürətləndirmək lazımdır. Yaxşı olardı ki, dəfələrlə təklif etdiyimiz pilot layihələr əsasında, yəni aztəminatlı ailələrə mikrokreditlər verməklə, onlara iş yerləri açmaqla bunu həyata keçirək. Bir sözlə, insanlarımızı tədricən ələ baxımlılıqdan azad edək və özünü təmin etməyə öyrədək. Bunlar çox vacib və aktual məsələlərdir.
Əlbəttə ki, sadaladığım problemlər demək istədiklərimin heç də hamısı deyildir. Məsələn, məni ikinci dərəcəli kənd yollarının tikintisi üçün ayrılan pulların səmərəsiz istifadəsi, işlərin keyfiyyətsiz görülməsi, təzə tikilən məktəblərin əksəriyyətində istilik sistemlərinin olmaması daha çox narahat edir. Bu barədə Artur müəllimə şəxsən müraciət etmişəm və bəlkə də bu məsələ həll olunacaq. Təkcə bizim rayonumuzda təzə tikilən 16 məktəbdə istilik sistemi yoxdur. Masallıda torpaq qıtlığına baxmayaraq, 9000 hektar torpağın əkilib becərilməməsi, iri qəsəbə və kəndlərimizdə cavanlarımızın asudə vaxtlarının keçirilməsi üçün şəraitin olmaması bizi – kənd yerlərindən seçilmiş deputatları narahat edir. Əlbəttə ki, nailiyyətlər kimi problemlər də hələ çoxdur. Biz onları görməli, üzə çıxarmalı və həll etməliyik.
Axırıncı qaldıracağım məsələ isə ictimai xidmət yerlərinin – restoran, şadlıq sarayı, kafe və uşaq bağçalarının mətbəxlərindəki sanitar-gigiyenik vəziyyətlə bağlıdır. Bildiyiniz kimi, respublikada hepatit B və C virusu, müxtəlif qurd infeksiyaları, hətta tuberkulyoz geniş yayılmaqdadır. Bunun yayılma mənbələrindən biri də sadaladığım yerlərdə sanitar-gigiyenik normalara riayət edilməməsidir. Söhbət ondan gedir ki, sovet dövründə belə obyektlərdə çalışan insanlar ildə iki dəfə dövlət səhiyyə müəssisələrində tibbi müayinədən keçirdilər. Ən əsası təhlükəli virusların qanda, tuberkulyoz əlamətlərinin ağ ciyərdə olub-olmaması yoxlanılırdı. Hazırda bir sıra yerlərdə məsələn, böyük otellərdə və dövlət bağçalarında buna riayət edilir. Amma əksər sahibkarlar bundan yayınırlar.
Misal gətirim, bu yaxınlarda adını çəkmirəm, Bakının mərkəzində yerləşən böyük əyləncə mərkəzində rəhbərlik özü belə bir yoxlamanı təşkil etdi. Nəticədə mətbəxdə çalışan 40 işçidən 14-nün hepatit B və C virusunun daşıyıcısı olduğu üzə çıxdı. Hələ mən başqa infeksion xəstəlikləri demirəm. İstərdim ki, iaşə obyektlərinə rəhbərlik edən digər şəxslər də belə prinsipiallıq göstərsinlər və öz işçilərini mütləq vaxtaşırı tibbi yoxlamalardan keçirsinlər.
İkincisi isə Səhiyyə Nazirliyinin tabeliyindəki Sanitariya-epidemioloji xidmət bu işə çox ciddi yanaşsın, bütün obyektlərdə müntəzəm olaraq ciddi yoxlamalar aparılsın. Bir xahişim də ondan ibarətdir ki, belə yoxlamalar ancaq Səhiyyə Nazirliyinin müvafiq dövlət qurumlarında aparılsın. Özəl tibbi klinikalara sağlamlıq haqqında arayış verilməsi qadağan olunsun. Tibbi yoxlamalar da görüntü xarakteri daşımasın, çünki söhbət millətin, bizim ailə üzvlərimizin  sağlamlığından gedir.
Mən sonda dövlət nümayəndələrimizə can sağlığı diləmək istəyirəm. Bayram münasibəti ilə hamısını təbrik edir və işlərində yeni-yeni uğurlar arzulayıram. Bu hesabata da mütləq səs verəcəyik. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli xanımlar və cənablar! Mən hesab edirəm ki, ötən il hökumətimizin fəaliyyəti qənaətbəxş olubdur. Ötən il Azərbaycan hökuməti dünyada baş verən maliyyə böhranı, neftin qiymətinin iki ildə 4 dəfəyə qədər aşağı düşməsi şəraitində, çox ağır təzyiqlər altında işləyibdir. Biz gərək bunu nəzərə alaq. Həmin reallığa uyğun olaraq da hökumət normal bir nəticə ortaya qoyubdur.
Ümumi daxili məhsul, büdcə gəlirlərimizin qeyri-neft sektorunda payı artmaqda davam edir. Sosial proqramların hamısı lazımi səviyyədə yerinə yetirilib, pensilyaların, maaşların inflyasiyaya uyğun artımları baş veribdir. Bütövlükdə ötən il aparılan siyasət uğurlu, doğru, mövcud şəraitə uyğun olubdur.
İndi dünyada elə proseslər baş verir ki, bunların heç biri  Azərbaycan hökumətindən, Azərbaycan dövlətindən asılı deyil. Neftin qiymətinin aşağı düşməsi, bəzi ölkələrdə böhranların baş verməsi, o cümlədən təmsil olunduğumuz regionunun ətrafındakı gərgin hərbi siyasi vəziyyət, heç şübhəsiz ki, Azərbaycana da müəyyən dərəcədə öz mənfi təsirlərini göstərmişdir.
Manatın devalvasiyası ilə bağlı bir sıra mənfi proseslər baş versə də, cəmi iki ay ərzində o psixoloji şok aradan qalxdı. Artıq Azərbaycan iqtisadiyyatı sabitləşmə dövrünə qədəm qoyubdur. İnşallah, 3–4 aydan sonra biz görülən tədbirlərin real nəticələrini və inkişafı görəcəyik. Bu mənada, hesab edirəm ki, Azərbaycan vətəndaşları tam anlayışlı münasibət göstərdilər. Azərbaycan hökuməti Prezident başda olmaqla vəziyyətin artıq postneft dövrünə uyğun olaraq idarə olunması üçün çevik addımlarını artır.
Ötən il ölkədə “Kənd təsərrüfatı ili” oldu və hesab edirəm ki, bu ili çox uğurla başa vurduq. Cənab Prezidentin son müşavirələrdə də söylədiyi kimi, Azərbaycan artıq bir çox ərzaq məhsulları ilə özünü təmin edir. Artıq bizim ixracyönümlü kənd təsərrüfatı məhsullarımız meydana çıxıb və Azərbaycan sahibkarı, xüsusən kənddə olan sahibkar artıq öz məhsullarını dünya bazarlarına çıxarmaq imkanı qazanıbdır. Azərbaycan Prezidenti, Azərbaycan hökuməti həmişə aqrar sektora müxtəlif istiqamətlərdə öz dəstəyini göstəribdir. Vergilərdən azad olunma, ssudalar, lizinqlər, müəyyən kənd təsərrüfat texnikalarının, yanacağın güzəştli və pulsuz satılması və sair buna misaldır. Mən hesab edirəm ki, kənd təsərrüfat məhsulu istehsalını vergidən azad etdiyimiz kimi, bütövlükdə o məhsulun dövriyyə prosesinin hamısını vergidən azad etməliyik. Çünki kənddə yaşayan insan məhsulu bazarlara, xüsusən iri bazarlara özü çıxarmayacaq. Onu çıxaran insanın da müəyyən maraqları olmalıdır ki, kənddən məhsulu toplayıb Azərbaycanın mərkəzinə, yaxud da ölkədən kənara aparsın. Hesab edirəm ki, bu da ölkəyə əlavə valyuta gətirilməsinə çox yaxşı şərait yarada bilər.
Ötən dövrdə Azərbaycanın hər yerində olduğu kimi, təmsil olunduğum Gəncə şəhərində də xeyli abadlıq, quruculuq işləri görülmüş, sosial obyektlər tikilmişdir. Bayaq qeyd etdiyim “Kənd təsərrüfatı ili” çərçivəsində Gəncə Aqrar Universitetinin maddi-texniki bazası tamamilə yenilənmişdir. Orada çox  müasir bir səviyyədə yataqxana kompleksi istifadəyə verilmişdir. Bu ilin fevralında cənab Prezidentin Gəncəyə səfəri zamanı onların açılışının da şahidi olduq.
Gəncədə ötən il iki gözəl səhiyyə obyekti istifadəyə verilmişdir ki, bununla əlaqədar mən cənab Prezidentə gəncəlilərin minnətdarlığını çatdırmaq istəyirəm. Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası ən müasir səviyyədə təmir olundu və yeni avadanlıqla təchiz olundu. İndi həmin xəstəxanada dövlət vəsaiti hesabına istənilən mürəkkəb əməliyyatlar aparılır. Eyni zamanda, Gəncə Beynəlxalq Xəstəxanası istifadəyə verilib. Bu, Türkiyədən olan iş adamları ilə yerli iş adamlarının müştərək fəaliyyətinin nəticəsində yarandı. Orada da gəncəlilərə böyük xidmət göstərilir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə Gəncədə artıq özəl xəstəxanalar da sosial cəhətdən az təmin olunan insanların, xüsusən şəhid ailələri və Qarabağ əlillərinin müəssisənin hesabına müayinəsini təşkil edirlər. Mən fürsətdən istifadə edib bütün özəl səhiyyə müəssisələrini bu çağırışa qoşulmağa dəvət edirəm.
Gəncədən danışarkən, hörmətli cənab Baş nazir, 4 deputatın adından Sizdən bir xahişimiz var. Gəncə–Bakı təyyarə reysini bir qaydaya salmaq lazımdır. Bu reys gah hər gün olur, gah həftədə 2 dəfə, gah da 4 dəfə olur. Gah qiymət qalxır, gah da enir. Gəncə ölkənin ikinci şəhəri olmaqla bərabər, Qərb bölgəsinin mərkəzi bir şəhəridir. Oradan təkcə gəncəlilər deyil, 10 rayonun insanı istifadə edir. Məncə, böyük vəsait də tələb olunmur, sadəcə, bu işi qaydaya qoymaq lazımdır. Gündəlik Gəncə–Bakı və Bakı–Gəncəyə təyyarə reyslərinin təmin olunmasını Sizdən xahiş edirəm.
Bir məsələni də burada qaldırmaq istəyirəm. Kiçik sahibkarlığın, ümumiyyətlə, sahibkarlığın müdafiəsi və inkişafı ilə bağlı ötən il cənab Prezidentin 20-dən çox sərəncam və fərmanı oldu. Onlardan biri də yoxlamaların iki il ərzində dayandırılması idi. Bu, əlbəttə, sahibkarlar üçün çox böyük kömək, çox böyük dəstəkdir. Ancaq artıq bizə bəzi vətəndaşlardan əmək hüquqlarının qorunması və sanitar-epidemioloji vəziyyətlə bağlı şikayətlər daxil olmaqdadır. Sahibkarlarımızın bəziləri bu məsələlərə vicdanla yanaşmırlar. Vətəndaşların hüquqları tez-tez pozulur. Vətəndaşların hüquqlarının təminatı ilə bağlı əlaqədar nazirliklər bir iş görməlidir. Heç şübhəsiz ki, yoxlamaların dayandırılması sahibkarlığın inkişafına böyük təkan verəcək, amma vətəndaşların da hüquqlarının qorunması üçün müvafiq addımlar atmalıyıq.
Nəhayət, bir təklif də irəli sürmək istəyirəm. Son dövrlərdə cənab Prezidentin göstərişi ilə hökumət üzvləri, nazirlər bölgələrdə olurlar, vətəndaşları qəbul edirlər. Bu, çox müsbət bir tendensiyadır. Hörmətli cənab Sədr, Sizdən xahiş edirəm, məsləhət olarsa, həmin görüşlərə deputatlar da dəvət olunsun, çünki onlar seçicilərlə daim təmasdadırlar. Nazirlə bir gün görüşür, ondan sonra əlaqələr qırılır. Onlar qaldırdıqları məsələləri sonra bizdən tələb etməli olurlar. Bu həm hökumət-parlament münasibətlərini daha da işgüzar bir səviyyəyə gətirib çıxarar, həm də biz vətəndaşların yerlərdə qaldırdıqları məsələlərin həllinə öz köməkliyimizi göstərə bilərik.
Bütövlükdə mən hökumətin ötən ildəki fəaliyyətini qənaətbəxş hesab edirəm. Cənab Prezident başda olmaqla Nazirlər Kabinetinə və bütün kabinet üzvlərinə uğurlar arzulayıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F.İbrahimli. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım, hörmətli hökumət üzvləri və hörmətli mətbuat nümayəndələri! Təqdim edilmiş hesabat üçün aşağıdakı xarakterik cəhətləri diqqətə çəkərdim. Hesabat respublika həyatının bütün  sahələrini əhatə edir, kifayət qədər elmi tutumludur, fikirlər və düşüncələr faktlara və rəqəmlərə söykənir. Hökumət dövlətin irəli sürdüyü strateji kursun reallaşması yolunda bir il müddətində bütün mümkün addımları atıb. Ancaq elə addımlar var ki, bu, bir ilə sığmır. Bir neçə hesabatın birgə nəticəsində hökumət nəyəsə nail ola bilir. Ona görə də hökumətin fəaliyyətini səciyyələndirən və dediyim bu xarakteri daşıyan bəzi məqamları diqqətə çəkmək istərdim.
Ola bilsin, mən keçən il hesabatda bunu diqqətə çəksəydim, o qədər də əhəmiyyəti və böyüklüyü görünə bilməzdi. Qoca Avropa emiqrantların qarşısında zəlil qalıb. Heç onların sayı 1 milyon da deyil. Bu hökumət isə büdcənin zəif, sabitliyin yarımçıq olduğu bir dövrdə 1 milyon qaçqını ağuşuna aldı və bu gün bu problemi həll edib. Bax, hesabat budur. Bu sahəyə cavabdeh olan “Qaçqınkom”un fəaliyyətini xüsusi qiymətləndirirəm.
Yaxud da zahirən görünməyən, amma məna və məzmunu ilə daha böyük əhəmiyyət kəsb edən  digər bir məsələni deyim. Son illərə qədər yazın gəlişi Azərbaycanda Kür çayı boyunca yaşayanlara fəlakət gətirirdi. Kür dəli olur, hər şeyi məhv edirdi. Bu gün vəziyyət necədir? Kür ağıllanıb, bu problemə birdəfəlik nöqtə qoyulub. Bu, hökumətin xidmətidir. Niyə? Aidiyyəti qurumun bu məsələyə vicdanlı və səliqəli yanaşmasının nəticəsidir.
Sosial müavinətlərlə bağlı ərizə və şikayətlər başımıza yağış kimi yağdırılırdı. Son 2 ildə bu, səngimək üzrədir. İnsanların həmişə ən çox əziyyət çəkdiyi, aylar, günlər itirdiyi məsələ özəlləşdirmə ilə bağlı olub. Bu gün səyyar yolla binalara, evlərə, mənzillərə paylanılır. Əhalinin ən məsum təbəqəsi olan ahılların təqaüd alması bu gün sivil qaydada təmin olunur və sair. Bu siyahını uzatmaq olar. Bütün bu deyilənləri sistemə alsaq, qarşısından belə yaza bilərik: bu hökumət 90-cı  ilin əvvəllərində tozun-torpağın içərisində olan Azərbaycanı bu gün dünyaya yeni bir libasda təqdim edib. Hökumətin hesabatını mən belə dəyərləndirərdim.
Bu gün zamanın sərt sınağı var, ölkə iqtisadiyyatı məlumdur, dünya odun, alovun içərisindədir. Cənubi Qafqazda bir Azərbaycan Respublikasında sabitlik var. Məkrli niyyətlər yönəlib. Ona görə də iş üslubumuzda ciddi dəyişikliklər etməli, uğurlarımızı qorumalı, daha çox uğur əldə etmək üçün müəyyən məsələlər var ki, onlarda redaktə aparmalıyıq.
Nədən gedir söhbət? Hörmətli hökumət üzvləri, Milli Məclis təkcə qanunverici orqanı deyil, həm də xalqın ümid qapısıdır. Hətta sizdən ümidini üzənlər bizə üz tutur. Niyə? Çünki bizim qapımız həmişə açıqdır. Ciddi qəbul rejimi var. Rəhbərliyin, komitə sədrlərinin qəbul günü, saatı məlumdur, deputatlar da axırıncı şikayətçini yola salana qədər Milli Məclisdən getmirlər. İndi bunlar bizə yönəlib. Bizim əlimizdə hansı qərar, qanun,  imkan var ki, biz bunları reallaşdıraq?  O xalqın nümayəndələridir ki, siz onların hüzuruna gedirsiniz, rayonlarda görüş keçirirsiniz. Bəli, gəldilər, dinlədik, qulaq asdıq, indi nə etməliyik? El arasında bizə xalq elçisi deyirlər.  Başladıq  elçiliyimizə. Bunun üçün isə sizin qapılarınız, telefonlarınız bizim üzümüzə açıq olmalıdır. Özünüz bizim üzümüzə açıq olmalısınız. Burada təzad var. Qapılar var taybatay açılır, qapılar da var az qalır üstündə yazılsın ki, bura quş gəlsə, qanad salar.
Faktlara keçək. Kim deyə bilər ki, Baş nazir Artur Rasizadə ilə hər hansı bir problemi həll etmək çətindir. Heç kim deyə bilməz, çünki Artur Rasizadə Azərbaycanda məmur əxlaqı məktəbinin banisidir.  Kim deyə bilər ki, Daxili İşlər Nazirliyində hər hansı bir problemi həll etmək zaman aparır? Heç kim deyə bilməz, çevik iş rejimi var. Azərbaycan bu üslubda iş rejimi olan insanların çiynində gedir və dediyim uğurları qazananlar bu iş üslubuna sahib insanlardır.
Mən burada 2 nəfərin adını çəkdim. Çoxlarında belə bir fikir yarandı ki, yəqin Fəzail İbrahimli bu adları məqsədyönlü şəkildə çəkir. Tamamilə yanlış düşüncədir. O adam məqsədyönlü, yarınmaq üçün danışır ki, biznesi var, pul qazanır, şirkəti var, gömrükdən mal keçirir, vergidən mal gizlədir. Mənim bir diplomum var, zəhmətimlə qazanmışam, şərəf və ləyaqətim kimi qoruyuram. Bir də mandatım var. Xeyirxahlarıma çox sədaqətliyəm, seçicilərimə diqqətliyəm. Bu 2 səbəb məni bu gün danışmağa vadar edib.
Bax, əsl yarınma indi olacaq. Kim deyə bilər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə hər hansı bir məsələni həll etmək, görüşmək, söhbət etmək mümkündür? Kim desə, getsin, Ginnesin Rekordlar Kitabına adını yazdırsın. Bu iş üslubunda olan bizim hörmətli məmurlarımız var. İndi nə etməli?
Əziz həmkarlarım, hökumət üzvləri, 2 yol var. Bir yol razılaşmaqdır, nəyimə lazımdır, məndən keçdi qardaşıma dəydi prinsipidir. Poetik dillə desək, “Əsli  və Kərəm” dastanındakı Kərəmin gününə düşməkdir. Kərəm Əslini itirəndən sonra ümidini itirir, gedib göyəm kolunun yanında durub deyir: “Başına döndüyüm göyəm kolları, siz bilərsiz Əsli gedən yolları”. Boynunu bur, dur göyəm kolunun yanında. Yox, bu yol deyil, özünə, mandatına, sənə olan münasibətə hörmət deyil.
Bir yol var. Dövlət başçısının “Azərbaycanda toxunulmaz adam yoxdur, məmur xalqın xidmətçisidir, məmur təvazökar olmalıdır”  çağırışına qoşulmaq, hərəkəti, həyat tərzi, davranışı ilə cəmiyyətə göz dağı çəkən, bu uğurları gözdən salan, bu hökumətin yandırdıqlarını üfləyib söndürən, orta da yeyib, qıraqda gəzən, “altımdakı kreslom Süleymanın taxtıdır, Allah bəxtimi açıb, varlanmanın vaxtıdır” əxlaqı ilə yaşayanların qarşısında sipər olmaq həqiqətin yoludur, düzgün yoldur, zamanın bizə diktə etdiyi yoldur. Bu gün dünyadakı geosiyasi vəziyyət, Azərbaycana qarşı məkrli niyyətlər qarşısında güclü olmaq zərurəti  bunu bizdən tələb edir. Bu günlər hər bir azərbaycanlı insanın ağlında, əxlaqında, düşüncəsində bir çağırış olmalıdır. Ey Azərbaycan insanı, 200 ildən artıq xristian ağuşuna sığışan, orada özünə qala tikən, başımıza güllə və qumbara yağdıraraq ən yaxşılarımızı sıradan çıxardan məkrli niyyətlərə qarşı güclü olmaq üçün Azərbaycanda vicdanlı və namuslu kim varsa, birləşməlidir. Hamının birləşəcəyi halda biz o qalanı ala bilərik. Əminəm ki, biz buna nail ola biləcəyik. 
Hörmətli hökumət üzvləri, sizə uğur arzu edirəm. Həmkarlarımı bayram münasibəti ilə təbrik edirəm. Mənim mətbuat nümayəndələrindən bir xahişim var. Mən bəzən çıxışlarımı emosional notlarla yükləyirəm. İçində qərəzlilik, məqsəd yoxdur. Bir məqsəd var. Mən vətəndaşamsa,  vicdanım qarşısında hesabatımı verməliyəm. Bəzən dediklərim mənim siyasi  leksikonuma uyğun olmayan formada ifadə olunur. Çevik münasibətinizə görə təşəkkür edirəm, amma, məsələn, bələdiyyələrlə bağlı çıxış edirəm, yazırlar ki, Fəzail İbrahimli bələdiyyələri yıxdı, sürüdü. Mən bələdiyyələrlə güləşirəm? Siz görürsünüz, mən düzü də, yaxşını da, pisi də, gecəni də, gündüzü də deyirəm. Yazırlar, bütün hökumət üzvlərini, nazirləri, komitə sədrlərini. Əgər “bütün” ifadəsi varsa, mənim özüm ədalətsizəm. Ağı qaradan, pisi yaxşıdan ayırmayan insanlar ədalətdən, haqdan danışa bilməz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli deputatlar! Hesabatdan da göründüyü kimi, 2015-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olmuşdur. Hökumətin hesabatını məqbul hesab edirəm. 
Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, dünyada terrorun, kütləvi narazılıqların baş alıb getdiyi bir zamanda ölkəmizdə ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Bu, dövlət başçısının rəhbərliyi altında hökumətin fəaliyyətinin ən böyük dəyəridir. İctimai-siyasi sabitliyi pozulmuş ölkələrin iqtisadiyyatları məhv olur, vətəndaşları qaçqın vəziyyətinə düşür. Bunu biz dünyada baş verən hadisələr fonunda müşahidə edirik.
Dünyada baş verən hadisələrin Azərbaycan iqtisadiyyatına da müəyyən qədər təsiri olmuşdur. Manatın devalvasiyası baş verdi, neft gəlirləri azaldı. Amma düzgün qurulmuş iqtisadi siyasətin nəticəsində bunlar müvəqqəti xarakter aldı. 2015-ci ildə nəzərdə tutulmuş bütün layihələr həyata keçirildi. Sevindirici haldır ki, qeyri-neft sektorunun ayrı-ayrı sahələrində artımlar əvvəlki illərə nisbətən çox olmuşdur.
2015-ci ildə ölkədə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın idxaldan asılılığının aradan qaldırılması və ixracın stimullaşdırılması, rəqabət qabiliyyətli məhsulların istehsalının  genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində çoxlu işlər görülmüşdür. Düşünürəm ki, bu istiqamətdə yenə yeni layihələr icra edilməlidir. Təklif edirəm ki, regionlarda emal sənayesi müəssisələrinin tikintisi genişləndirilsin. Bu həm kənd təsərrüfatının inkişafına, həm də yeni iş yerlərinin açılmasına xidmət edəcəkdir.
İqtisadi inkişafın qorunub saxlanılması üçün büdcə gəlirlərinin artırılması istiqamətində bütün imkanlardan səmərəli istifadə olunmalıdır. Məsələn, çoxlu sayda evlərin mülkiyyət hüququnun tanınmaması yerli büdcəyə ödəniləcək milyonlarla əmlak vergisinin  yığılmamasına gətirib çıxarır. Düzdür, son vaxtlar kütləvi çıxarış kampaniyası çərçivəsində müəyyən qədər sənədləşmələr aparılır, amma ildə 5–6 min sənəd verməklə 100 minlərlə evin sənədləşdirilməsi çətin olacaqdır. Ona görə təklif edirəm ki, xüsusi mühafizə sahələrində tikilən evlər istisna olmaqla çoxdan yaşayışı olan və torpağın ayrılması sənədi qaydasında olan evlərin sənədləşdirilməsinə sadələşdirilmiş xüsusi qayda tətbiq olunsun. Bu həm də vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınmasına kömək edəcəkdir.
2014–2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı və 2016-cı ilin sosial investisiya proqramlarında kənd yollarının tikintisi prioritet sahə  hesab olunur. Hökumət üzvlərinin burada olmasından istifadə edərək təmsil etdiyim Qusar rayonun Həzrə–Sudor yolunun təzədən  qurulması ilə əlaqədar məsələni diqqətə çatdırmaq istəyirəm. Həzrə–Sudor yolu 11 kəndi birləşdirir. Qeyd etdiyim yol istifadəyə yararsız vəziyyətdədir. Xüsusilə yağıntılı havalarda keçilməz olur. Həmin ərazidə yaşayanlar bu məsələ ilə bağlı narazılıqlarını hökumətin üzvlərinə çatdırmağımı xahiş ediblər. Bu yolun yenidən qurulmasının dövlətin sosial investisiya  proqramına salınmasını xahiş edirəm.
Çıxışımın sonunda keçən illər hesabat iclaslarında tərəfimizdən qaldırılan məsələlərə müsbət yanaşdıqlarına görə hökumət üzvlərinə təşəkkürümü bildirirəm və ümid edirəm ki, bu gün verdiyimiz yeni təkliflər də öz müsbət həllini tapacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Çox təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli  Baş nazir, hörmətli həmkarlar və hökumət üzvləri! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildəki fəaliyyəti ilə bağlı bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Qeyd edim ki, 2015-ci ilin sonlarında hökumət toparlanaraq bir çox uğura imza atıbdır. Bu, etiraf olunmalıdır. Amma 2015-ci ildə iqtisadiyyatın şaxələndirilməsi qənaətbəxş olmadı və 2016-ci il yanvarın 12-də yeni büdcə ili başlayar-başlamaz büdcənin yığcamlaşdırılması siyasəti və təsdiq olunmuş büdcə xərclərinin 3 milyard manat və ya 15 faiz ixtisar edilməsi qərara alındı. Hesab edirəm ki, alıcılıq qabiliyyəti aşağı düşmüş əhalinin sosial durumunun kəskin pisləşməməsi üçün bu il real, daha ciddi tədbirlər görülməlidir. Çünki bir millət və dövlət olaraq yaranmış vəziyyətdən qısa müddətdə ən az itki ilə çıxmamız üçün resurslar hakimiyyətin əlində cəmləşib. 2015-ci ilin sonunda toparlanan hakimiyyət fəaliyyətini daha da artırmalıdır.
Hesabatdakı bir neçə məqama toxunmaq istəyirəm. 2015-ci ildə idxal-ixrac əməliyyatları üzrə  müsbət saldo 2,2 milyard manat olubdur. Bu, 2014-cü ildən 11 milyard azdır. Mən 2014-cü ildə Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı hesabata münasibətdə də bildirmişdim ki, bu müsbət saldo neft və neft məhsulları ilə bağlıdır. Qeyd etmişdim ki, müsbət saldonu qeyri-neft sektoru hesabına əldə etmək lazımdır. Mən bu gün həmin fikri bir daha təkrarlayıram.
Ticarət əməliyyatlarının həcmi 33,4 faiz, ixrac 47,6 faiz  azalıb, idxal həcmi isə 0,36 faiz artıbdır. Amma biz idxalı azaldıb, ixracı artırmalı idik, çünki Prezidentin irəli sürdüyü siyasətdə prioritetlər buna xidmət edir. Ancaq bu baş verməyibdir. Yenə də ixracın strukturunda neft və neft məhsulları 85 faiz təşkil edir. İdxalın strukturunda ərzaq məhsullarının  payı 11 faizdir. Ən pisi budur ki, bunlar Azərbaycanda istehsal oluna bilən məhsullardır. Bununla bağlı xüsusi yanaşma olmalıdır.
Xarici ticarətdə ixrac əməliyyatlarında özəl sektorun payı 9,8 faiz   olubdur. Bu rəqəm çox azdır. Xarici ticarətdə idxal əməliyyatlarında isə özəl sektorun payı 78 faizdir. Qalanı ixracdır, ona görə bu göstərici  qənaətbəxş sayıla bilməz, çünki bu, istehsalçı və ixracatçı özəl sektorun arzu olunan səviyyədə olmaması deməkdir. Əgər 78 faizin qalan faizində dəyişiklik olsaydı bunu müsbət qiymətləndirmək mümkün idi. Deməli, Azərbaycanın qeyri-neft sektorunun xarici bazar mövqeləri yetərli sayıla bilməz. Bu, etiraf olunmalıdır. Bütün bunlar onun nəticəsidir ki, daxildə istehsal lazımi səviyyədə stimullaşdırılmır. Baxmayaraq ki, Prezident  bunun üçün kifayət qədər sərəncamlar, meydan, vəsait verib.
Etiraf olunmalıdır ki, keçən dövrdə idxal-ixrac əməliyyatları üzrə müsbət saldonu qeyri-neft məhsullarının hesabına  əldə etmək üçün  hökumət yerli və yeni məhsullarla ixracat hücumu təşkil edə bilmədi. Amma əyalət siyasətini kompleks tədbirlərlə stimullaşdırmaqla, həm idxaldan asılılıq minimuma endirilərdi, həm də daha çox rayon və şəhər mərkəzi xərclərdən, dotasiyalardan azad ola bilərdi. 
Deyəcəyim digər məsələ büdcənin yüklənməsi ilə bağlıdır. 1,5 milyon əhalinin qazancı, ölkə iqtisadiyyatına verdiyi xeyir olduqca aşağı səviyyədədir. Çünki ölkənin əsasən neft və qaz sektorunda çalışan 60–70 min insanın hesabına saxlanılması da mümkündür. Dövlət sektorunda çalışan 884 min insanın payına düşən faydalı iş əmsalı yetərincə deyil. Bu, etiraf olunmalıdır. Xeyli şişirdilmiş ştatlar və səmərə verməyən strukturlar var. Prezidentin son zamanlar bir çox strukturları ləğv etməsi, daha mərkəzləşdirilmiş bir səviyyəyə gətirməsi təqdir olunan haldır. Məncə bu iş davam etdirilməlidir, çünki ölkədə xeyli şişirdilmiş ştatların olması sonra zərər verə bilər. Xatırlayırsınızsa, Yunanıstandakı təlatümlərin səbəblərindən biri dövlət orqanlarında şişirdilmiş ştatların olması ilə bağlı idi. Məncə, bu ştatları yaratmaq və sonradan ləğv edib kimlərisə işsiz qoymaqdansa, ciddi şəkildə islahatlar aparılmalıdır.
Başqa bir acınacaqlı rəqəm isə hökumətin torpaq payı olan hər kəsi kənd təsərrüfatında çalışan kimi qeydiyyata almasıdır. Bu, doğru deyil. Bizdə guya, bu sahədə çalışan 800 min işçi var. 800 min çalışan işçi varsa, onda özəl sektorun ixrac-idxal məsələləri və 11 faiz ərzaq məhsulunun kənardan idxal olunması nə deməkdir? Bu özü-özünü təkzibdir və məncə, əyalət siyasətini doğru qurmaq lazımdır. Əyalətlərdən Bakıya gəlmiş gənclərin son dövrlərdə baş vermiş hadisələrlə əlaqədar geri qayıtmasını nəzərə alaraq onlara aşağı səviyyə ilə kreditlər vermək, bu işçi qüvvəsindən səmərəli istifadə etmək və gəlirləri artırmaq imkanları vardır. Keçən il kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı demək olar ki, heç bir addım atılmadı. Halbuki buna imkan var idi. Manatın ABŞ dollarına qarşı 48 faizlik devalvasiyası, ölkədə dolların məzənnəsinin 1,0494 manatdan 1,55 manata yüksəlməsi Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcminin manat ekvivalentində  48 faiz artmasına səbəb olmuşdur. Həmin 3 milyard 145 milyon manat kredit götürənlərin hüquqlarının  qorunması ilə bağlı addımlara sərf oluna bilərdi.
21 fevral devalvasiyasından öncə dollarla kredit götürənlərin manatla əlavə xərci iki dəfə artıb. Bu, o deməkdir ki, cəmi bir il əvvəl 10 min dollar kredit götürən şəxs faizlərlə birlikdə banka 20 min 800 manat pul ödəməlidir. Bu, kredit məbləğinin manatla 2,7 dəfə artması deməkdir. Bu devalvasiyadan əhaliyə dəyən zərərin kompensasiyası ilə bağlı hökumət heç bir addım atmadı, indi də hər hansı bir addımın atılması gözlənilmir. Əslində, bu, banklara da bir az sərf edir. Proseslərin bu cür davam eləməsi, məncə, doğru deyil və əhalinin narazılığını aradan qaldırmaq üçün müəyyən tədbirlər görülməlidir.
Mən Milli Məclisin yığıncaqlarının birində də qeyd eləmişdim. Təklif edirəm ki, əhaliyə kömək məqsədilə kreditlərin qaytarılması üçün aşağıdakı ardıcıllıq qəbul edilsin: birinci, əsas borc, ikinci, kredit faizi, üçüncü, cərimə və  peniyalar, dördüncü, borcun qaytarılması və xərclərin ödənilməsi. Bu ardıcıllıq olarsa, müəyyən qədər yüngülləşmə olar. Hər halda bu təklifi nəzərə alsanız, məncə, doğru olar.
Mən bəzi təkliflərimi də səsləndirmək istəyirəm. Keçən il büdcədən “abadlaşdırma xidmətləri” adı altında xeyli vəsait xərclənib. Mən hesab edirəm ki, bunlar göyə sovrulan vəsaitdir. Misal üçün, Beyləqan rayonunun timsalında bunu gördük. Stadion uçmuşdu, icra başçısının birinci müavini dedi ki, biz bunu daxili vəsait hesabına bərpa eləmişik. Sonradan məlum olur ki, cənab Prezident ora 600 min vəsait ayırıb, amma qısa zaman ərzində bu, dağıdılıb. Vəsait hara gedib, məlum olmadı. Hesab edirəm ki, 2015-ci ildə Avtomobil Yollarını Saxlanması və İnkişafına 1 milyon 184 min manat vəsait ayrılmışdır. Amma bir sual yenə də aktuallığını saxlayır ki, bu yollar qorunub saxlanılacaq, yoxsa yox. Çünki həmişə müşahidə eləmişik ki, bu yollar tikilir, sonra da dağıdılır. Bu sahədə bir çox strukturlar arasında anlaşılmazlıq vardır. Mən düşünürəm ki, bu məsələlərə də diqqət yetirmək lazımdır.
Kənd təsərrüfatı ilə bağlı müəyyən işlər görmək mümkündür. Hollandiya kənd təsərrüfatından ildə 100 milyarddan çox vəsait əldə edir. Bizdə 9 iqlim qurşağı var, biz niyə bunu eləməməliyik? Bizim bu məsələlərə əl qoymağımız lazımdır.
Naxçıvana ayrılan vəsait artırılmalıdır, ora diqqət göstərilməlidir. Əyalətə qayıdanların işlə təmin olunması üçün orada emal zavodlarının, ipək fabrikinin tikilməsi çox vacibdir.
Beləliklə, hesab edirəm ki, dövlət başçısı İlham Əliyev təşəbbüsü öz üzərinə götürüb zamanın imperativ tələbinə çevrilmiş təxirəsalınmaz antiböhran tədbirləri görməsəydi, hökumətin dövrün tələblərinə adekvat fəaliyyət göstərə bilməməsi daha ciddi neqativ nəticələrə səbəb ola bilərdi. İnanıram ki, cənab İlham Əliyev yenə də bu sahədə ciddi addımlar atacaq və biz də əlimizdən gələn dəstəyi verəcəyik. Bütün tənqidlərə baxmayaraq, bu bayram günündə hamını – həmkarlarımı, hökumət üzvlərini bayram münasibəti ilə təbrik edirəm və inanıram ki, bu il daha ciddi uğurlara imza atmaq imkanımız olacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.  
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri və hörmətli millət vəkilləri! İlk növbədə ilaxır çərşənbənizi və qarşıdan gələn Novruz bayramınızı ürəkdən təbrik edirəm. Dövlətimizə və millətimizə xeyirli və uğurlu olsun.
Çox hörmətli Oqtay müəllim, hökumətin 2015-ci il  üçün hesabatı cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlətimizin daha güclü olmasına, xalqımızın daha yaxşı yaşamasına yönəldilən dövlət siyasətini özündə əks etdirdiyi və mükəmməl tərtib edildiyi üçün onun lehinə səs verəcəyəm.
Bəzi mülahizələrimi ümumi şəkildə söyləmək istəyirəm. İlk növbədə, hörmətli Baş nazirimizə və hökumət üzvlərinə 2014-cü ildə hesabatla bağlı dediyim təklifləri nəzərə aldıqları üçün təşəkkür edirəm. Bu, hesabatda öz əksini tapıb.
Bildiyiniz kimi, 2015-ci il neft ixrac edən ölkələr üçün çox ağır olsa da, bizdən qaynaqlanmayan, lakin ziyanı bizə də dəyən qlobal proseslər və neftin qiymətinin aşağı düşməsi ölkəmizə mənfi təsir etsə də, cənab Prezidentimizin siyasəti və hökumətin səyləri nəticəsində ölkəmiz inkişaf edib, hərbi quruculuq, elm, təhsil, mədəniyyət sahəsində mühüm addımlar atılıb, elm və təhsilimizdə mühüm islahatlar həyata keçirilib, xarici, iqtisadi əlaqələrimiz, ticarətimiz genişlənib. Fransa kimi böyük bir ölkədə fövqəladə iqtisadi vəziyyət elan edildiyi bir zamanda  cənab Prezidentimizin sosialyönümlü layihələrin icrasının dayandırılmamasına dair iradəsini bəyan etməsi, sosial müdafiəyə ehtiyacı olan təbəqələrin qorunması, maaşların artırılması rəğbətlə qarşılanıb. Qeyri-neft sektorunun inkişafına, ixracın təşviq edilməsinə dair cənab Prezidentimizin imzaladığı sənədlərin ölkə iqtisadiyyatına fayda verəcəyi və inkişafda yeni səhifə açacağı inancındayam. Bu isə nazirlik, idarə və müəssisələr üzərinə bir sıra mühüm vəzifələrin yerinə yetirilməsini qoyur.
İlk növbədə kənd təsərrüfatı nazirimiz hörmətli Heydər Əsədovun öz ətrafına kəndi, torpağı, kənd təsərrüfatını dərindən bilən mütəxəssisləri toplayıb kənd təsərrüfatının inkişafına dair dövlət başçımızın müəyyənləşdirdiyi xətti uğurla həyata keçirəcəyinə, bəzi suallar yaradan xaricdən gübrə alınmasını azaldaraq daxili istehsalı və bazarı qorumağa kömək edəcəyinə ümid edirəm. Heç kəsə sirr deyil ki, gübrələrin xaricdən gətirilməsi, ölkəmizdə fəaliyyət göstərən zavodları iflic halına salır. Bu, ölkə iqtisadiyyatına böyük bir zərbədir. Hesab edirəm ki, hörmətli Baş nazirimiz bu məsələlərə xüsusi diqqət yetirəcəkdir.
Ölkəmizdə aparılan islahatların tərkib hissəsi kimi pensiyaların və ünvanlı sosial yardımların təyin edilməsini elektronlaşdıraraq şəffaflıq yaratdığı üçün əmək və əhalinin sosial müdafiəsi naziri hörmətli Səlim  Müslümova seçicilərim adından təşəkkür edirəm. Bu addım seçicilər tərəfindən rəğbətlə qarşılanır. Bununla belə, hesab edirəm ki, biz ünvanlı sosial yardım əvəzinə hər bir ailənin özünü işlə təmin etməsinə dair müəyyən proqramların həyata keçirilməsinə başlamalıyıq. Bu təcrübə  xaricdə vardır.
Dəmir yol nəqliyyatı təsərrüfatında qayda qanun yaradılması və islahatların aparılması istiqamətində mühüm tədbirlər gördüyü üçün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri hörmətli Cavid Qurbanovun səylərini vurğulamağı özümə borc bilirəm. Dövlət başçımızın strateji olaraq müəyyənləşdirdiyi beynəlxalq nəqliyyat siyasətinin yerinə yetirilməsi ölkəmizin qüdrətini daha da artıracaq, yeni iş yerləri açılacaq, əhalinin rifah halı daha da yaxşılaşacaqdır. Bununla belə, hesab edirəm ki, bütövlükdə ölkənin nəqliyyat sistemində ciddi qaydaqanun yaradılması zamanı gəlib çatıbdır.
Səhiyyə sistemində islahatların aparılmasını, xəstəxanalarda yaranmış bəzi xoşagəlməz halların aradan qaldırılmasını hörmətli nazirimiz Oqtay Şirəliyevdən şəxsən xahiş edirəm. Hörmətli deputat həmkarlarım özəlləşdirmə ilə bağlı məsələləri söylədilər. İndiki şəraitdə geniş özəlləşdirməyə getmək lazımdır. Dövlət rüsumlarını müəyyən edərək ölkədə şəxsi mənzillərin, evlərin özəlləşdirilməsinə gedilərsə, büdcəmizə əlavə vəsaitlər daxil ola bilər.
Seçildiyim 72 saylı Yardımlı–Masallı seçki dairəsi ilə bağlı bir neçə məsələni diqqətinizə çatdırmaq istəyirəm. Cənab Prezidentimizin siyasəti və hökumətimizin fəaliyyəti sayəsində Yardımlı rayonu öz tarixində görünməmiş bir inkişaf dövrünü keçirir. Çətin keçilən dağ kəndlərinə asfalt və daş yollar çəkilib. Elektrik enerjisi problemi tamamilə həll olunub. Ən müasir məktəblər tikilib. Kəndlərin bir çoxu içməli su ilə təmin edilib.
Əksər kəndlərdə müasir tipli avtomat elektrik telefon stansiyaları quraşdırılıb. Lakin bəzi sərhəd kəndlərində ATS-lərin quraşdırılmaması ümumi işimiz baxımından söyləmək istəmədiyim bir sıra xoşagəlməzliklər doğurur. Bunu ikili söhbətdə cənab nazirimiz Ramin Quluzadənin diqqətinə çatdırdım. Hesab  edirəm ki, maliyyə yükünün necə olmasına baxmayaraq, rabitə və yüksək texnologiyalar nazirimiz hörmətli Ramin Quluzadə Yardımlı rayonunun sərhəd kəndlərində, o cümlədən Arvana, Allar, Bərcan, Kürəkçi, Osnaqaran kəndlərində, Masallı rayonunun Köhnə Zuvand kəndində ATS-lərin quraşdırılmasına təxirəsalınmaz iş kimi diqqət yetirməlidir. Bu çox vacib bir məsələdir.
Yardımlı rayon elektrik şəbəkəsinə xüsusi diqqət və qayğı göstərdiyi üçün “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri hörmətli Baba Rzayevə dərin təşəkkürümü bildirməklə yanaşı, rayonun Alar kəndinə, hələ 60–70-ci illərdə çəkilmiş, artıq çürümüş, məcburiyyət üzündən meşələrdən kəsilmiş ağaclarla əvəz edilmiş və təhlükə törədən elektrik dirəklərinin dəyişdirilməsi üçün tədbirlər görməsini xahiş edirəm. Çox hörmətli Oqtay müəllim, hökumətin 2015-ci il üçün hesabatını müsbət qiymətləndirmək olar, onun lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli Baş nazir, hörmətli həmkarlar və hökumət üzvləri! Mən də hesab edirəm ki, hökumətin 2015-ci ildə fəaliyyəti haqqında hesabat dolğun şəkildə tərtib olunmuşdur. Bu hesabat əvvəlkilərdən fərqlidir, çünki dünyanın üzləşdiyi qlobal böhran vəziyyətində Azərbaycan hökuməti cənab Prezidentin rəhbərliyi altında bu böhrandan çox çevik planlar hazırlamaqla çıxmağa çalışır və buna müəyyən qədər də nail olub.
Hökumətin fəaliyyəti çoxşaxəlidir. Demək olar ki, hesabatda bütün sahələr öz əksini tapıb. Faktlarla yanaşı, müəyyən izahlar da verilib.  Xidmət sahələri, maliyyə sektoru və bank fəaliyyəti bu hesabatda geniş işıqlandırılmışdır.
Mən dəqiqləşdirilmiş büdcənin müzakirəsi zamanı hörmətli Elman müəllimin dediyi bir sözü yada salmaq istəyirəm. Elman müəllim dedi ki, manat uzuclaşmayıb, neft ucuzlaşıb. Əlbəttə, büdcəmizin xeyli hissəsini neftdən gələn gəlir təşkil elədiyinə görə bunu müəyyən qədər başa düşmək olar.
Bayaq dediyim kimi, cənab Prezidentin göstərişi ilə çevik və yeni formatda iqtisadi siyasət həyata keçirməklə çoxlu sayda problemin qarşısı alındı.  Belə bir vəziyyətdə ölkə başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişi ilə maaşlar, pensiyalar 10 faiz artırıldı. Yəni əhalinin sosial təminatı tam ödənilmə şərti ilə böhran bu sahələrə təsir eləmədi.
Bundan başqa, elmimizin inkişafı, təhsilimizdə baş verən islahatlar gələcəkdə bu işlərə nikbin baxmağa əsas verir. Cənab Prezidentin göstərdiyi kimi, ölkənin neftdən asılılığını minimum səviyyəyə endirmək və bunun üçün qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Bu gün qətiyyətlə deyə bilərəm ki, yeni dövrdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, İpək Yolunun Azərbaycandan keçməklə Avropa və Asiya arasında körpü rolunu oynaması diqqətəlayiqdir. Buradan gələn gəlirlərin hesabına Azərbaycan neftdən asılılığı azaldılacaqdır.
Məndən öncə çıxış eləyən həmkarlarım müxtəlif sahələrdə qazanılan uğurları göstərdilər. Mən bir məsələyə toxunmaq istəyirəm. Burada  “Qaçqınkom”un fəaliyyəti şərh olunub. Yeni qəsəbələr salınır. Düzdür, son zamanlar işlər bir az zəifləyib. Onun da səbəbi bayaq dediyim kimi, dünyanı bürüyən böhrandır.
Ancaq burada bir neçə ümidverici məsələ var ki, mən onu xüsusi qeyd etmək istəyirəm. Hesabatın 206-cı səhifəsində yazılanları olduğu kimi oxuyacağam: “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən  aidiyyəti dövlət orqanlarından alınmış rəy və təkliflər nəzərə alınmaqla “Böyük Qayıdış” proqramının layihəsi hazırlanmışdır. Bu çox sevindirici haldır, çünki mən 11 ildir, hökumətin hesabatına qulaq asıram və əvvəllər belə tezisə rast  gəlməmişəm. 
Bu yaxınlarda mən Biləsuvar rayonunda seçicilərimlə görüşdüm. Orada cəbrayıllıların yaşadığı 11 qəsəbə var. Hər şey qaydasındadır, işıq, su gecə-gündüz var. Mən “Azərsun”un fəaliyyətini xüsusi şəkildə qeyd etmək istəyirəm. Onlar qaz arzulayırlar. Hörmətli Əli müəllimlə görüşəndə, o dedi ki, həmin qəsəbələrin qazlaşdırılması layihəsi hazırdır. Ola bilsin ki, bu yaxınlarda bu iş həyata keçiriləcəkdir. Oqtay müəllim, mən bütövlükdə hökumətin hesabatını bəyənirəm, onun lehinə səs verəcəyəm. Qarşıdan gələn Novruz bayramı münasibəti ilə bütün Azərbaycan xalqını və Azərbaycan cəmiyyətinin ən zərif təbəqəsi olan məcburi köçkünləri və qaçqınları təbrik edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Hörmətli sədarət, hörmətli hökumət nümayəndələri, hörmətli həmkarlarım, hörmətli media mənsubları, xanımlar və cənablar! Hamınızı salamlayıram. 2015-ci ildə Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabatı qənaətbəxş hesab edirəm. Ona görə ki, 2015-ci il kimi çətin və ağır dövrdə müsbət dinamikanı saxlamaq iqtisadçı kimi qeyd edirəm, asan məsələ deyil. Hökumət buna nail olub, mən bunu yüksək qiymətləndirirəm. Cənab Baş nazirin təqdimatından göründü ki, 2015-ci ildə Azərbaycanda xeyli iş görülüb, onları müsbət qiymətləndirirəm. Həm də 2015-ci ildə inflyasiyanın gözlənildiyindən qat-qat aşağı olmasını müsbət dəyərləndirirəm, çünki məhz bu amil hesabına itkilər xeyli dərəcədə minimuma enib.
Eyni zamanda, 2015-ci ildə baş vermiş, bir sıra hadisələr nəticəsində mürəkkəbləşmiş problemləri də qeyd eləmək istəyirəm. 2015-ci ildə iki dəfə şok devalvasiya olub. Həmin devalvasiyanın mənfi nəticələrinin aradan qaldırılması üçün atılan addımların hamısını müsbət qiymətləndirməklə yanaşı, hələlik onları yetərli hesab eləmirəm. Ona görə ki, atılan addımlar birtərəfli xarakter daşıyır. O sahədə yaranmış problemlər yalnız əhalinin üstünə atılıb. Ona  görə də problemin bu formada həll edilməsini müsbət hesab eləmirəm.
Qeyd eləmək istəyirəm ki, devalvasiya nəticəsində yaranmış proses sistem prosesisdir və onu da yalnız sistemli yanaşma əsasında həll eləmək olar. Sadə bir misal gətirmək istəyirəm. 2015-ci ildə bu problemin həlli istiqamətində məhkəmə sisteminin atdığı addım məhz sistem xarakteri daşımadığına, ağırlıq bir amilin üzərinə düşdüyünə görə indi həm əhali, həm də banklar çox pis vəziyyətə düşüb.
Eyni zamanda, bu, həm hüquqi, həm iqtisadi, həm sosial, həm də psixoloji məsələ olduğuna görə ona kompleks yanaşmağı təklif edirəm. Ona görə ki, Azərbaycanın bank sistemi Amerika Birləşmiş Ştatlarının Federal ehtiyat sisteminin filialı olmadığına görə bu atılan addımlarda həm Konstitusiyanın, həm də Mülki Məcəllənin məlum maddələrinin pozuntusu baş verib. Bu istiqamətdə mütəxəssislərlə birgə bir sənəd hazırlayırıq. Komitələrdə, plenar iclaslarda irəli sürdüyümüz təkliflər orada əksini tapacaq və aidiyyəti qurumlara təqdim olunacaq.
Hesabatda regionlarda görülən işlər geniş formada öz əksini tapıb. Mən bunu müsbət qiymətləndirirəm, çünki indiki zamanda regionların potensialından istifadə çox vacib məsələdir. Eyni zamanda, bu potensialdan daha dolğun istifadə edilməsi üçün bir sıra fikirlərimi qeyd eləmək istəyirəm. Fikrimi daha dəqiq ifadə etmək üçün bunları Şəkinin timsalında qeyd eləmək istərdim. Şəki rayonunun əhalisi Azərbaycan əhalisinin təqribən 2 faizinə yaxındır. Amma sovet dövründə tək Azərbaycanın deyil, SSRİ-nin ən möhtəşəm yüngül sənaye şəhərlərindən olan Şəkinin Azərbaycan sənayesində payı 0,1 faizdir. Məhz Azərbaycanın ən möhtəşəm yüngül sənaye şəhəri olan Şəki sənayesinin bu tənəzzülü həm Azərbaycana, həm də Şəkinin özünə ciddi ziyan vurub. Onun gəlirlərinə ciddi ziyan vurub.
Sübut edirəm. Azərbaycana sərmayə qoyuluşunun cəmi 0,2 faizi Şəkinin payına düşür. Azərbaycan büdcəsinin də cəmi 0,2 faizi Şəkinin payına düşür. Şəki büdcəsinin adambaşına payı da orta statistik azərbaycanlının payından 9 dəfə aşağıdır. Bu, açıq şəkildə göstərir ki, məhz Şəkidə sənayenin tənəzzülü bu gün ciddi problemlərə gətirib çıxarıb. Biz Şəkinin 2016–2020-ci illərdə sosial-iqtisadi inkişafına dair proqram hazırlamışıq. Son tamamlama işlərini görürük. Bunları həyata keçirəndən sonra o sənədi aidiyyəti qurumlara təqdim edəcəyik.
İslahatlar istiqamətində atılan addımlar 2015-ci il ilə müqayisədə sürətlə gedir, biz bunu dəstəkləyirik. Eyni zamanda, həmin islahatların ağırlığının əksər hissəsini öz üzərinə götürən siyasi iradəni dəstəkləyirik. Eyni zamanda, təklif və təmənna edirik, islahatların sürəti qlobal kataklizimlərdən, bizə qarşı yönəlmiş təsirlərin təzyiqindən yuxarı olmalıdır ki, biz proseslərdən sürətlə çıxaq. Bu, Azərbaycan üçün hava və su kimi lazım olan bir məsələdir.
İkinci vacib bir məsələ islahatların qarşısında duran maneələrin aradan qaldırılmasıdır. Bu maneələrin standart məqamları korrupsiyaya, inhisarçılığa, məmur özbaşınalığına qarşı mübarizənin gücləndirilməsidir.
Amma bir başqa məqamı da qeyd eləmək istəyirəm. Bu gün Azərbaycanda islahatların sürətinə ciddi maneə törədəcək məsələ idarəetmə sisteminin çox ağır olmasıdır. Əgər idarəetmə sistemi lazım olandan çox ağırdırsa, bu, korrupsiya mənbəyidir. Bunun faydalı iş əmsalı aşağı olacaq və istəsə də, istəməsə də islahatları ləngidəcək. Əhalisi 1,3 milyarda çatan Çində də, əhalisinin sayı 9,7 milyon, yəni Çinin bir əyalət şəhərindəki qədər olan Azərbaycanda da 20 nazirlik var. Komitələri, baş idarələri də bura əlavə edəndə bu göstəricilər iki dəfə artır. Əgər bu istiqamətdə vaxtında addımlar atılmasa, bu əyalət islahatlara ciddi maneə göstərən amillərdən biri olacaq. Ona görə də biz çox istərdik ki, bu istiqamətdəki islahatlar da məhz indi aparılan islahatları tamamlasın. Bir sıra ölkələrin təcrübəsindən çıxış edərək qeyd eləmək istərdim ki, Azərbaycanda da nazirliklərin sayını 20-dən 15-ə endirilməsi onun islahatlar istiqamətində gedən proseslərə bütövlükdə qoşulması üçün geniş imkanlar açar.
Bir məqamı da qeyd eləmək istəyirəm ki, regionlarda xeyli işlər görülür, işsizliyin aradan qaldırılması istiqamətində addımlar atılır. İnsanlar artıq Bakıdan regionlara gedirlər. Hökumətə müraciət edirəm ki, əgər həmin insanlar rayonlarda işləyəcəklərsə, onlar üçün iş yerlərinin açılması istiqamətində tədbirlər görülsün. Çox vacibdir ki, onlar yenidən Bakıya, yaxud da digər ölkələrə getməsinlər, rayonun inkişafına təsir göstərsinlər.
Sonda Oğuz və Şəkidə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində atılan addımlara görə təşəkkür edirəm. Amma hökuməti bu prosesin tamamlanması, əhalinin bu sahədəki narazılıqlarının aradan qaldırılması istiqamətində yeni addımlar atmağa dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm. Qarşıdan gələn Novruz bayramı münasibəti ilə hamınızı təbrik edirəm. Dövlətimiz, xalqımız və hər bir Azərbaycan vətəndaşı üçün düşərli olsun deyirəm.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli deputat həmkarlarım və media nümayəndələri! Mən də sizi qarşıdan gələn bayram münasibəti ilə təbrik edirəm, sizə uzun ömür, can sağlığı arzu edirəm. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat geniş, mükəmməl hazırlanan və reallığı əks etdirən sənəddir. Bu sənəd nəinki hökumətin fəaliyyətini, eləcə də dünyada baş verən ictimai siyasi hadisələri, ziddiyətləri, bu ziddiyyətlərin fonunda siyasi hadisələri, iqtisadi, mənəvi, dini problemləri araşdırmaq, qiymətləndirmək və nəticə çıxarmaq baxımından çox əhəmiyyətlidir.
Hesabat bir daha təsdiq edir ki, ayrı-ayrı regionlarda, ölkələrdə yaranmış iqtisadi böhran, maliyyə çatışmazlıqları, neftin ucuzlaşması, ərzağın bahalaşması, pul vahidlərinin özlərini itirməsi bilavasitə həmin ölkələrin rəhbərlərinin, hökumətlərinin fəaliyyətsizliyi yox, böyük dövlətlərin siyasi oyunlarının nəticəsidir. Azərbaycan dövləti də bu təsirlərdən kənar deyil və neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, dolların bahalaşması, ölkəmizə müəyyən qüvvələrin təsiri iqtisadi çətinliklərlə üzləşməyimizə səbəb olmuşdur. Ancaq ölkə rəhbəri cənab İlham Əliyevin çevik siyasəti, həyata keçirdiyi əsaslı tədbirlər, hökumət üzvlərinin həmrəyliyi sayəsində bu çətinliklər aradan qaldırılmışdır.
Hörmətli həmkarım Fəzail İbrahimlinin qeyd etdiyi kimi, 10 min qaçqının əlində əsir qalan Avropa da, haqlı səsimizə səs verməyən Qərb də, içərimizdə olan bədxahlar da bir daha yəqin etdilər ki, bir milyondan  çox qaçqın və köçkünü illər boyu əzab-əziyyətlərdən qurtaran, çadır şəhərciklərindən abad qəsəbələrə, evlərə köçürən Azərbaycan Prezidenti, hökuməti hər bir çətinliyə dözməyə, hər bir çətinliyi dəf etməyə qadirdir. Ölkədə yaranmış ictimai siyasi sabitlik, davamlı iqtisadi siyasət, insanların həmrəyliyi deməyə əsas verir ki, Azərbaycan xalqı öz taleyinə biganə deyil, yad təsirlərdən uzaqdır və öz problemlərini həll etməyi bacarır.
Hesabatda əldə olunan nailiyyətlər, nöqsanlar, eləcə də qarşıda duran vəzifələr aydın göstərildiyindən rəqəmlərə müraciət etmək fikrində deyiləm. Müəyyən müddət diqqətdən kənarda qalan kənd təsərrüfatından danışmaq istəyirəm. Kənd təsərrüfatı ilə əlaqəsi olan, kənddə yaşayan hər bir kəs yaxşı bilir ki, kənd təsərrüfatının – pambıqçılığın, taxılçılığın, üzümçülüyün, yemçiliyin, tərəvəzçiliyin, baramaçılığın inkişafı neftdən asılılığın aradan qaldırılması, insanların kənddə qalıb möhkəmlənməsi ilə bərabər, həm də yüz minlərlə iş yerinin açılması, ərzaq bolluğunun yaradılması deməkdir. Pambıqçılığı qul əməyi hesab edənlər yanılırlar. Bu sahə heç də gedib xarici ölkələrdə günün 10–15 saatını şaxtanın, qarın altında işləməkdən, evsiz-eşiksiz orada-burada gecələməkdən çətin deyil.
Ölkə rəhbərinin bu sahəyə diqqəti çox insanların ürəyincədir. Son illər malqaranın cinsinin yaxşılaşdırılması, süni mayalanma, aqrolizinqlərin təşkili, ölkəyə yeni kənd təsərrüfatı texnikasının gətirilməsi, kənd təsərrüfatı məhsullarının ixracı, sahibkarlığın inkişafı, elektron sistemin yaradılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə xeyli işlər görülmüşdür. Bu, əhali tərəfindən yaxşı qarşılanır. Ancaq 2015-ci ildə Dövlət İnvestisiya Proqramında Kənd Təsərrüfatı Nazirliyinin layihələrinə ayrılmış 50 milyon manat vəsaiti qənaətbəxş hesab etmirəm. Dövlət əsaslı vəsait qoyuluşunun 0,9 faizini təşkil edir ki, bu da azdır.
Kənd təsərrüfatına yönələn diqqət əhalinin şəhərdən kəndə axınını sürətləndirmişdir. Bu, Kənd Təsərrüfatı Nazirliyinə, onun strukturlarına əlavə vəsaitin ayrılmasına, daha yaxşı və səmərəli işləməsinə imkanların yaradılmasını tələb edir.
Ünvanlı sosial yardımın verilməsində yaranan çətinliklər onun təyinatının dəyişdirilməsini zərurətə çevirir. Hörmətli nazirimiz Səlim Müslümov bu sahədə çox böyük tədbirlər görsə də, əhalidən şikayətlər var, çünki yardımın tətbiqində, sənədlərin toplanmasında uyğunsuzluqlar  mövcuddur. 5–6 uşaq böyüdən, ancaq adında köhnə, yararsız bir maşın, yaxud kredit, kiçik torpaq sahəsi olan kasıb bir ailənin sosial yardımdan kənarda qalması məntiqə uyğun deyil. Əslində, bu, sosial ədalətin pozulmasıdır. Sosial yardımın ailələrə, uşaqlara və onların sayına görə verilməsi, məncə, daha məqsədəuyğun olardı.
Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə daxil olan vəsaitin ildən-ilə artması yaxşı haldır. Hesabat ilində də vergi siyasəti sahəsində həyata keçirilən bir sıra kompleks tədbirlər, xüsusi ilə vergi ödəyicilərinin elektron qeydiyyatının aparılması, elektron ödəniş sisteminin tətbiqi, yerli büdcənin formalaşdırılması, bələdiyyələrlə, əhali ilə əlaqələrin yaxşılaşdırılması işlərin səmərəliyini artırmışdır. Bu sahədə bizim hər birimizi narahat edən məsələlər var. Vergi şəffaf olmalı, zora yox, qanunlara, vergi ödəyiciləri ilə sağlam münasibətlərə əsaslanmalıdır. Xidmət sahələrinin, ticarət obyektlərinin, emal müəssisələrinin bağlanmasına, vergi ödəyicilərinin incidilməsinə heç vaxt yol verilməməlidir. Mən hesabatı dəstəkləyirəm və onun qəbul edilməsinə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli deputatlar və media nümayəndələri! Mən ilk öncə axır çərşənbə və Novruz bayramı münasibəti ilə hamınızı təbrik edirəm, xalqımıza əmin-amanlıq və rifah arzulayıram.
Hamımız bilirik ki, son vaxtlar dünyada baş verən proseslər, neftin qiymətinin aşağı düşməsi nəticəsində Azərbaycanda da müəyyən iqtisadi çətinliklər yaranıb. Hökumət bu çətinliklərin aradan qaldırılması istiqamətində müəyyən addımlar atır və bu, təqdirəlayiqdir. Amma mən hər zaman söyləmişəm ki, bu islahatlar kompleks xarakter daşımayacaqsa, gözlədiyimiz nəticələri ala bilməyəcəyik.
Hazırda Azərbaycanda ən problemli sahələrdən biri həmişə söylədiyim kimi, qanunun aliliyi, məhkəmə və ədliyyə sistemi ilə bağlı məsələdir. Hörmətli Fikrət müəllim iclasda iştirak eləyir. Mən vaxtı ilə bu məsələni qaldırmışdım, o da millət vəkillərini bu barədə məlumatlandırmışdı. Amma yenə bu məsələnin üzərinə qayıtmaq istəyirəm. Azərbaycana investisiya yatırmaq üçün insanlar əmin olmalıdır ki, onların qoyduqları investisiya, mülkiyyətləri dövlət tərəfindən ciddi şəkildə qanunla qorunur.
Amma biz nəyi müşahidə edirik? Biz çox vaxt görürük ki, bəzi hallarda qəbul olunmuş qətnamə qüvvəyə minib möhürü qurumamış, bizim məhkəmə icraçıları deyirlər ki, dərhal bunu icra etmək lazımdır. “Gündəm xəbər” qəzetinin oxucusu deyiləm, amma o qəzetin Baş redaktoru ilə bağlı belə bir qərar qəbul olunub ki, guya o, vergi borclarını ödəmir. Hətta o vergi borcunun hesablanmasının ədalətli olub-olmamasını da bir kənara qoyuram. Qərar qüvvəyə minən kimi, bu adam başlayıb o borcu ödəməyə. Yəqin sabah yox, birigün məhkəmədə işinə baxılacaq. Mətbuatda bunu oxudum. Prokurorluq da 4 il iş istəyir. Yəqin ki, Baş redaktoru tutacaqlar.
Ola bilsin ki, orada yazılan bir yazı hansısa məmurun xoşuna gəlməyib. Amma biz hər zaman BMT ittiham edirik ki, BMT Təhlükəsizlik Şurası qətnamənin mürəkkəbi qurumamış onun icrasına başlayır, amma Azərbaycanla bağlı 4 qətnamənin icrası ilə əlaqədar heç bir addım atılmır.
İndi mənə “İntur-avto” Açıq Səhmdar Cəmiyyətinin 67 nəfər səhmdarı müraciət edib. Deyirlər ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 4 mərtəbəli binamız sökülüb. Bu günə qədər Ali Məhkəmənin qətnaməsi yerinə yetirilmir. Bakı Şəhər İcra Hakimiyyəti deyir ki, mənlik deyil, buna Maliyyə Nazirliyi baxmalıdır. Maliyyə Nazirliyi də deyir ki, bu məsələ bizlik deyil, Bakı Şəhər İcra Hakimiyyəti həll eləməlidir. İndi bu qədər səhmdarın mülkiyyət hüququ pozulub. Halbuki Konstitusiyanın 29-cu maddəsində qeyd olunub ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu ayrıseçkilik nədir? Bir kasıb, yetim barəsində məhkəmə qətnaməsi qüvvəyə minən kimi, dərhal deyilir ki, sən bunu icra eləmədin, sənə təzədən cinayət işi qaldırıb həbsə atacağıq, amma başqa  halda isə heç bir tədbir görülmür.
Bu bir nümunədir, çəkdim. Belə nümunələr, Fikrət müəllim, həddindən artıq çoxdur. İnanın səmimiyyətimə, mən bunu ona görə söyləyirəm ki, xalqı hökumətdən, Prezidentdən narazı salan ən ciddi məsələlərdən biri budur. Vaxtı ilə mən ayrı-ayrı məhkəmə qərarlarının icrası ilə bağlı müraciət eləmişəm. Amma çox təəssüf ki, deputat, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olaraq bu məsələ ilə maraqlansam da, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə bağlı ciddi problemlər yaranır.
Söylədiyim kimi, biz qanunun aliliyini təmin etməyəcəyimiz təqdirdə ölkəyə ciddi investisiya qoyuluşuna nail ola bilməyəcəyik. Məsələn, banklarla bağlı çox gözəl qərar qəbul elədik ki, 3 il müddətində bütün əmanətlər sığortalanacaq. Hamı görürdü ki, bu bank müflis olub, amma həmin bankın müflis olması haqqında müvafiq qanuni prosedurlara başlanmır ki, onlar gedib heç olmasa, sığorta fondundan o vəsaitləri götürə bilsinlər. İndi o təminatı insanlara verə bilməsək, nə qədər gözəl qanunlar qəbul olunursa, olunsun onu eləməyəcəklər. Vətəndaşlar o banklarla bağlı məhkəməyə də müraciət edirdilər, amma məhkəmələr də müvafiq qərar qəbul eləmirdilər. Mən bu məsələləri ona görə qaldırıram ki, biz mütləq islahatlar aparmalıyıq.
Bir məsələyə də xüsusi diqqət yetirmək istəyirəm. Yəqin Fikrət müəllim bilir, bəzi vicdansız sahibkarlar bankların pulunu ödəmirlər. İmkanları da var, amma vəkil bunlara deyir ki, belə vəziyyət yaranıb, gəlin, belə edək. Belə faktlar mənə bəllidir. Deyir ki, banka qarşı bir iddia qaldırsaq, ən aşağı 4 il bunu məhkəmə prosedurlarında uzada biləcəyik. O müddət ərzində də sizə qarşı heç bir cərimə hesablanmayacaq. Yəni faktiki sürətdə siz faiz ödəməyəcəksiniz.
Fikrət müəllim, bu sahədə də qanunvericiliyi təkmilləşdirmək lazımdır. Tutaq ki, rayon məhkəməsindən birinci instansiya məhkəməsinə şikayət verilir. Apellyasiya Məhkəməsi mahiyyəti üzrə 99 faiz qərar qəbul eləmir. Qaytarır ki, səhv baxmısan, get, bir də bax. Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verilir. Ali Məhkəmə deyir ki, yox, düz baxmamsısan, get, bir də bax. Əşi, bu birinci instansiya məhkəməsinin qərarı ədalətli deyilsə, Apellyasiya Məhkəməsi bunu görür də. Sən ədalətli qərar qəbul elə, sənin səlahiyyətin var. Niyə özün ədalətli qərar qəbul eləməyib bunu təkrar baxışa qaytarırsan? Yaxud Ali Məhkəmə bir də Apellyasiya Məhkəməsinə qaytarır. Beləliklə, insanlar illərlə məhkəmə qapılarında qalırlar. Ona görə də qanunvericiliyi təkmilləşdirmək lazımdır. Bu istiqamətdə hökumət parlamentə təklif verməlidir ki, bir qayda yaradaq, məhkəmə prosesləri bu qədər uzun müddət davam eləməsin. Məhkəmə qərarları qəbul olundusa, o, müvafiq qaydada icra olunmalıdır. Mənə sərf eləyirsə, bunu icra edəcəyəm, sərf eləmirsə, icra eləməyəcəyəm kimi seçmə üsulla bunu icra etmək doğru deyil.
Düşünürəm ki, Azərbaycanda, həqiqətən, çox ciddi işlər görülür. Xüsusi ilə İranla nəqliyyat dəhlizi məsələləri ilə əlaqədar görülən işlər, Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisi ümid edirik ki, bu il başa çatar.
Yeri gəlmişkən, söyləyim ki, biz bu gün səhər Türkiyədə baş vermiş terror hadisəsini yad elədik. Bilirsiniz ki, Ərdoğanın Azərbaycana səfəri ərəfəsində ikinci dəfə belə bir terror hadisəsi törədildi. Bizim Prezidentimiz tərəfindən çox mərd, kişiyana addım atıldı. Ancaq qardaşlar belə addım ata bilər. Artıq Ərdoğan Azərbaycana gəlmədi, bizim Prezident Türkiyəyə səfər elədi. Bu, çox yüksək şəkildə qiymətləndirilməlidir. Bilirsiniz, Ərdoğan hakimiyyətə gələndə Türkiyə korrupsiya içində çapalayırdı. Bizim Türkiyədən öyrənəcəyimiz çox şey var. Təhlükəsizliyin təmin olunması istiqamətində də Türkiyənin bizdən öyrənəcəyi çox şey var. Hesab edirəm ki, bu qardaşlıq münasibətlərinin də inkişaf etdirilməsinə hökumətin diqqət yetirməsi çox təqdirəlayiqdir, amma ümumən, mən hökumətin fəaliyyətini qeyri-qənaətbəxş sayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, indi tənəffüs olacaq. Tənəffüsdən sonra xahiş edirəm, bir də baxın, yəqin çıxışları 5 dəqiqə edəcəyik. 35 nəfər yazılıb, amma cəmi 13 nəfər çıxış edib. Tənəffüs elan edilir.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Müzakirəni davam etdiririk. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli cənab baş nazir, hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! Hesab edirəm ki, bir sıra tövsiyə, tənqidi xarakterli çıxışlara baxmayaraq, həmkarlarım 2015-ci ildə Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabata çox müsbət və düzgün qiymət verdilər. Çünki hər bir hökumətin fəaliyyəti məhz böhran zamanında görə biləcəyi işlərlə bağlıdır. Burada qeyd olunduğu kimi, 2015-ci il asan il olmamışdır. Məhz bu konteksdən yanaşsaq, biz bütövlükdə Nazirlər Kabinetinin, o cümlədən hər bir nazirlik və komitənin fəaliyyətinə müsbət qiymət verməliyik. Eyni zamanda, qeyd etməliyəm ki, möhtərəm cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunmuşdur. Azərbaycan demək olar ki, regionun yeganə sabit ölkəsidir.
Hörmətli həmkarlar, əlbəttə ki, belə çətin il olmasına baxmayaraq, hökumət tərəfindən bölgələrin qazlaşdırılması, içməli su ilə təmin olunması, məktəblərin tikilməsi kimi çox vacib olan sosial layihələr həyata keçirilmişdir. Biz bölgələrdə hesabatlar zamanı vətəndaşların məmnunluğunun şahidi olduq. Cənab Prezident tərəfindən həyata keçirilmiş islahatlar nəticəsində artıq dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” vətəndaşlar arasında çox müsbət qarşılanmışdır. Təqdirəlayiq hal ondan ibarətdir ki, “ASAN xidmət”in fəaliyyəti ilə yanaşı, bir sıra digər dövlət orqanları – daşınmaz əmlakın dövlət reyestri, ədliyyə, polis, gömrük, vergi və başqaları artıq vətəndaşlara yüksək səviyyədə xidmət göstərməyə başlamışlar. Çünki “ASAN xidmət”in məqsədi heç də ayrıca, digər dövlət orqanlarından fərqli fəaliyyət göstərmək deyildi, onlarda islahatları təşviq etməkdən ibarət idi.
Cənab Sədr, mənim üçün hökumətin hesabatının VIII, IX və X bölmələri xüsusi  əhəmiyyət kəsb edir. Bu institusional sahələr – ədliyyə sistemi və qanunvericilik, “ASAN xidmət”, müdafiə və ictimai asayiş, hüquq mühafizə orqanları xüsusi əhəmiyyət kəsb edir və hesab edirəm ki, burada kifayət qədər dolğun məlumat vardır.
Burada komitəmizin üzvü hörmətli Qüdrət müəllimin məhkəmə qərarlarının icrası, o cümlədən məhkəmə-hüquq islahatları ilə bağlı söylədiyi fikirlərə münasibət bildirmək istəyirəm. 2015-ci il həm də məhkəmə-hüquq islahatlarının müəyyən mənada son on illik yekun ili kimi yadda qalmışdır. Möhtərəm cənab Prezident Şəki məhkəmə kompleksinin açılışı zamanı ölkəmizdə həyata keçirilən məhkəmə, ədliyyə islahatlarına yüksək qiymət vermiş, o cümlədən də bir sıra tövsiyələrini söyləmişdir. Əlbəttə ki, məhkəmə sistemi bazar iqtisadiyyatı dövründə böyük əhəmiyyət kəsb edir, çünki çoxlu mübahisələr yaranır və onların həlli məhkəmədən keçir.
O da məlumdur ki, məhz məhkəmə qərarlarının icrası məhkəmə qərarının yekunu deməkdir. Bu baxımdan, istəyirəm, sizin diqqətinizə bir neçə statistik məlumatı çatdırım. Ümumiyyətlə, son illərdə məhkəmə qərarlarının icrası ilə bağlı ciddi tədbirlər görülmüş və 2014-cü ildə məhkəmə qərarlarının icraatı artıq 70 faiz idi. O zaman işlərin sayı təxminən 250 min idi. 2015-ci ildə isə söylədiyimiz o məlum vəziyyətlə bağlı mübahisələr, məhkəmə işləri artmış və bunlar təxminən 500 min olmuşdur.
Hesab edirəm ki, Qüdrət müəllimin söylədiyi fikirlər qərəzli deyil, amma obyektiv də deyil. Qeyd etdiyi qəzetin jurnalisti ilə bağlı deyil, ümumiyyətlə, 2015-ci ildə 370 cinayət işi qaldırılmışdır. Çünki biz artıq cinayət təqibi, məhkəmə qərarlarının icra olunmamasının son həddi kimi görürük və bu baxımdan, hesab edirəm ki, biz gərək ümumi vəziyyətə daha obyektiv qiymət verə bilək. Digər bir tərəfdən, zaman-zaman bizim hörmətli həmkarlar məhkəmə qərarlarının icra olunmaması ilə bağlı narazılıqlarını bildirirdilər. Bu baxımdan, hesab edirəm ki, görülmüş tədbirlər kifayət qədərdir və bundan sonra da bir sıra tədbirlər görmək iqtidarındayıq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, media təmsilçiləri! Mən qarşıdan gələn bahar bayramı münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edirəm, hər birinizin ailəsinə xoşbəxtlik, xoş günlər diləyirəm.
Artıq bir neçə il bundan öncə başlamış olan beynəlxalq münasibətlər sistemində pozulmalar, ciddi xarakter daşıyan özbaşınalıq, nəhayət, ayrı-ayrı ölkələrə hərbi müdaxilələrə və eyni zamanda, iqtisadi maliyyə sistemində ciddi böhranlara gətirib çıxardı. Mürəkkəb, kifayət qədər ziddiyyətli bir zaman kəsiyində yaranmış vəziyyətdən sığortalanmaq, ölkəni neft asılılığından tamamilə qurtarmaq üçün ölkə Prezidenti maliyyə, vergi, gömrük, iqtisadi-sosial və idarəçilik sistemində geniş miqyaslı islahatları sürətləndirməyə xidmət edən əhəmiyyətli fərman və sərəncamlar imzalamışdır. Əminəm ki, bütün bu addımlar ardıcıl və davamlı xarakter daşıyacaq və ölkəmiz bu sınaqdan da uğurla çıxacaqdır. Bunlara ölkənin bütün potensialının, xüsusi olaraq Şimal–Cənub, Qərb–Şərq nəqliyyat dəhlizi kimi yeni sahənin hərəkətə gətirilməsi, xarici investisiyaların qeyri-neft sektoruna cəlb olunması yolunda atılan addımlar əlavə imkanlar yaradacaqdır. Azərbaycan bir daha təkrar edirəm, yaranmış xoşagəlməz situasiyadan uğurla çıxacaqdır.
2015-ci ildə hökumətimiz ölkə Prezidenti tərəfindən onların qarşısına qoyulmuş vəzifələri məsuliyyətlə, yüksək səviyyədə həyata keçirməklə peşəkarlıq nümayiş etdirmişdir. Bunu iqtisadiyyatımızın, sənayemizin, kənd təsərrüfatımızın, sosial həyatımızın bütün sahələrinə, əlbəttə, şamil etmək mümkündür. Başqa sözlə desək, Azərbaycan hökuməti gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərmiş və digər ölkələrdən fərqli olaraq Azərbaycanda ciddi xarakter daşıyan bu və ya digər sosial qabarmalar olmamışdır.
Qarşıda duran vəzifələrin yerinə yetirilməsi ilə bağlı xüsusi olaraq bir neçə kəlmə demək istərdim. İlk növbədə ölkədə həm məşğulluğun səviyyəsini artırmaq, həm də milli iqtisadiyyatımızı gücləndirmək, büdcənin dolması üçün əlavə imkanları hərəkətə gətirmək üçün, məncə, Azərbaycanda vaxtı ilə əhəmiyyətli xarakter daşıyan ənənəvi sənaye müəssisələrinin müasir texnologiya əsasında genişləndirilməsinə ciddi ehtiyac var. Bu, ilk növbədə gündəlik tələbat malları istehsal edən sahələrə şamil olunmalıdır. Konkret desək, toxuculuq, trikotaj, tikiş, geyim, ayaqqabı və qida məhsullarının istehsal sahələri genişləndirilməlidir. Həmin istehsal sahələrinin regionlarda açılması daha ciddi əhəmiyyət kəsb edərdi.
Qarşıda duran vacib məsələlərdən biri də kənd təsərrüfatına xüsusi diqqətin ayrılmasıdır. Kənd təsərrüfatının yüksək səviyyədə inkişafı bir tərəfdən, ölkənin daxili tələbatının tam ödənilməsi, digər tərəfdən, ölkəmizə külli miqdarda xarici valyutanın gətirilməsi deməkdir. Ona görə də etiraf etmək lazımdır ki, ölkə Prezidentinin iqtisadi siyasətində kənd təsərrüfatına əhəmiyyətli yer verməsi və bu sahədə həyata keçirilən son islahatlar özünün müsbət nəticələrini göstərməkdədir.
Kənd təsərrüfatının arzu olunan səviyyədə inkişafını təmin etmək üçün təkcə Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti kifayət deyil. Bu sahənin inkişafına az və ya çox dərəcədə aidiyyəti olan bütün strukturlar məsuliyyəti artırmalıdırlar. Onlar özlərindən asılı olan işləri geniş şəkildə həyata keçirməlidirlər.
İstər ölkənin daxili tələbatını ödəyən, istərsə də ixrac potensialını artırmaqla ölkəyə külli miqdarda valyuta gətirən tərəvəz məhsullarının istehsalında istixanaların alternativsiz rol oynaması hər kəsə bəllidir. Çox müsbət haldır ki, artıq son illər Azərbaycanda bu sahəyə xüsusi əhəmiyyət verilməkdədir. Bu sahənin daha geniş inkişafını təmin etmək üçün düşünürəm ki, dövlətin dəstəyinə ciddi ehtiyac var. Xüsusi olaraq həmin sahələrə qazın, işığın və kübrənin verilməsində müəyyən güzəştlərin tətbiq olunması o sahənin inkişafında stimullaşdırıcı rol oynayardı, əks təqdirdə bu sahəyə həmin güzəştlərin verilməməsi...
Sədrlik edən. Fəzail müəllim, iki dəqiqə vaxt verilir, xahiş edirəm, yekunlaşdırın. Hamı 5 dəqiqə danışır, bundan sonra çıxışlar 5 dəqiqə olsun.
F.Ağamalı. Yekunlaşdırmaq  istəyirəm. Mənə vaxtı ilə “Aqrolizinq” xətti ilə tikilən müəssisələrlə bağlı vətəndaşlar müraciət ediblər. Bazar qiymətindən daha yuxarı qiymətə tikilən və icarədarlara verilmiş olan həmin müəssisələr indi ciddi çətinliklərlə üz-üzədirlər. Qazın, gübrələrin güzəştsiz verilməməsi, eyni zamanda, icarə haqqının hədsiz dərəcədə çox olması ilə əlaqədar olaraq onlar Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” müəssisəsinə krediti ödəyə bilmirlər. Xahiş edirlər ki, bunun ya müddəti uzadılsın, ya da kommunal xərclərin aşağı salınması ilə onlara güzəştlər edilsin.
Deputat seçildiyim Salyan və Neftçala rayonlarında qazlaşdırma prosesi demək olar ki, başa çatmaq üzrədir. Orada ancaq bir neçə kənd qalıb, ümidvaram ki, növbəti ildə onların da qazlaşdırılması işi başa çatacaqdır. İşıq sisteminin yenidən qurulmasına başlanıb və intensiv iş gedir. Salyan– Şirvan və Neftçalada Zəngan–Qaraqaşlı yollarının çəkilişinə başlanılıb, işlər fasiləsiz davam edir. Ümidvaram ki, gələn ilə qədər bu işlər də başa çatacaqdır. Hökumətin hesabatını müsbət dəyərləndirirəm və ona səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun.  Elman Nəsirov.
E.Nəsirov. Qənirə xamın məndən çox xahiş etdi ki, çox vacib bir məsələ ilə bağlı mümkünsə, yerlərimiz dəyişsin. Mən onun yerində çıxış edəcəyəm.
Sədrlik edən. Yox, yer dəyişmirik, amma Qənirə xanıma söz verirsən, ver. Buyurun, Qənirə xanım. Möhkəm tələsir.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri! Hökumətin hesabatını qənaətbəxş hesab edirik, yüksək qiymətləndiririk və ona səs verəcəyik. Təbii ki, dünyada gedən iqtisadi böhran fonunda cənab Prezidentin rəhbərliyi altında görülən işləri çox yüksək qiymətləndiririk.
Mən, sadəcə, elə Tovuz rayonu ilə bağlı ötən il nəzərdə tutulan, amma həlli gecikən bir-iki məsələni diqqətə çatdırmaq istəyirəm. Məsələlərdən biri haqqında “Azərsu” rəhbərinin məlumatı var, çünki biz bunu bir neçə dəfə müzakirə etmişik. Amma bu məsələ yenə öz həllini tapmadı. Əhalisi 20 mindən artıq olan 5 kəndin əhalisi hələ də içməli suyu pulla alır. Sadəcə 4–5 kilometr boru ilə əhalisi 20 mindən çox olan 5 kəndin su problemini həll etmək olar.
Cənab Prezidentin göstərişi ilə Tovuz rayonuna yeni su xətti çəkildi və bu, çox böyük hadisədir. Amma iki ildir, bu xətt o xəttə birləşdirilmir ki, insanlara su verilsin. Bu məsələ iki ildir, həllini tapmır. Artur müəllimin və “Azərsu”nun rəhbərliyinin burada olmasından istifadə edib deyirəm ki, bu layihə böyük büdcə vəsaiti tələb etmir və ona görə bir daha xahiş edirəm, məsələyə baxılsın. İnsanlar ötən ildən çox böyük ümidlə bu məsələnin həllini tapacağını gözləyirlər.
Burada qazlaşdırma ilə bağlı məsələ vurğulandı. Qaz kəmərinin keçdiyi rayonlardan biri Tovuzdur. Amma çox  təəssüf edirəm ki, cəbhə rayonlarından biri olmasına baxmayaraq, qazlaşdırma ilə bağlı bəlkə ən çox problemin qaldığı rayonlardan biri də elə Tovuzdur. “Azəriqaz”ın rəhbəri buradadır. Bu kəndlə bağlı şəxsən onunla 5 dəfə danışmışam. İki ildə dəfələrlə müraciət etmişik. Ətrafdakı bütün kəndlər qazlaşdırılır, sadəcə, bu kənd kənarda qalıb.
O kənddə Ermənistan qaçqınları məskunlaşıb. Bu insanlar “nədən  qonşu, yerli kəndlərin hamısı qazlaşdırıldı, amma bizim kəndə iki ildir, qaz verilmir” sualına cavab istəyirlər. Mən bu suala açıqcası, cavab verə bilmirəm. Hər dəfə o kəndə gedəndə utanıram, çünki çox  yaxın məsafədən qaz xətləri keçir. İnsanlar deyir ki, sadəcə, borunu kəndimizə gətirsinlər və bu kasıb, qaçqın halımıza baxmayaraq, onu özümüz çəkərik. Qış ayları gələndə maaşımın ən az 30 faizini hər ay oradakı imkansız ailələrə vermək məcburiyyətində qalırıq. İki ildir deyilir ki, bu kəndin problemi həll olunacaq, amma nəticə yoxdur. Artıq biz bu insanlara deyə bilmirik ki, gələn il probleminiz həll olunacaq. Ona görə hörmətli Artur müəllimdən xahiş edirəm, o kənddə qaçqınların, kasıb insanların məskunlaşdığını nəzərə alsınlar və o problemi həll etsinlər.
Hörmətli Heydər müəllim Tovuzda oldu. Mən çox təşəkkür etmək istəyirəm ki, 5 saatdan artıq oturdu, insanlarımızla bir çox məsələləri müzakirə etdi, kənd təsərrüfatı ilə bağlı Tovuz rayonundakı problemləri açıq şəkildə gördü. Su məsələsi yenidən ən ciddi məsələlərdən biri kimi ortaya çıxdı. Ətraf kəndlərin əkin sahələrinin Kür çayından suvarılması məsələsinə hələ də baxılmayıb. Xahiş edəcəyik ki, bu məsələyə heç olmasa, bu dəfə baxılsın.
Sonda iki məsələni xahiş etmək istəyirəm. Elə bir az öncə qəbuldaydıq. Bir müəllimə əlində bir reseptlə gəlmişdi. Mən, doğrusu, inanmadım, aptekə zəng elədim. Dedilər, bəli, Qənirə xanım, xərçənglə mübarizə üçün dərmanın qiyməti 180 manatdır. Müəllimə deyirdi ki, mən 100 manat əmək haqqı alıram, onu necə alım? Dərmanların qiyməti ilə bağlı cənab Prezident dəfələrlə vurğulayıb ki, ciddi işlər görülsün. Bununla bərabər, yaxşı olardı ki, dərman vasitələri əlavə dəyər vergisindən azad olunsun. Bu, ən azı dərmanların qiymətinə 18 faiz təsir edər. İnsanların bununla çox problemləri var. Nəzərə alaq ki, hələ tibbi sığortanın tətbiqinə başlanmayıb. Bunu tezləşdirmək çox önəmlidir.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. İcazə versəniz, gündəlikdən bir qədər kənara çıxardım, 13 martda Türkiyənin paytaxtı Ankara şəhərində baş verən terror hadisəsinə münasibətimi bildirərdim. Bütün Azərbaycan bu gün həmin terror hadisəsindən dəhşətə gəlib. Bu terror hadisələrinin Türkiyə Prezidentinin Azərbaycana səfəri ərəfəsində baş verməsinin heç də təsadüfi olmadığı qənaətinə gəlirik. Bunun özü göstərir ki, hədəfdə tək Türkiyə deyil, eyni zamanda, Azərbaycandır, Azərbaycan–Türkiyə dostluğudur.
Müəyyən dairələr bu ölkələrin dostluğundan çox narahatdırlar. Amma bununla belə, cənab Prezidentimizin bu görüşün təxirə salınmaması üçün özünün Türkiyəyə səfərini təklif etməsi və yüksək səviyyədə Əməkdaşlıq Şurasının iclasının baş tutması bu gün Türkiyə mətbuatında yüksək qiymətləndirilir.
Fasilədə mən Türkiyə saytlarına girdim. Cənab Prezidentimizin bu addımını bir türk oğlunun, bir türk liderinin addımı kimi qiymətləndirirlər. Ümumilikdə, bütün dünya bilməlidir ki, Türkiyənin dərdi bizim dərdimizdir, onun uğuru bizim uğurumuzdur və Azərbaycan həmişə Türkiyənin yanında olacaqdır.
Əsas məsələyə gəldikdə isə deyim ki, bizə verilən hesabatdan və eyni zamanda, ölkənin Baş naziri hörmətli Artur müəllimin çıxışından göründüyü kimi, 2015-ci ildə Azərbaycan hökuməti öz üzərinə düşən vəzifəni yerinə yetirə bilib. Konkret ayrı-ayrı sahələr üzrə məlumatlar verildi. Biz özümüz də onunla tanışıq. Əslində, tanışlığa da ehtiyac yoxdur, çünki biz bu hadisələrin içərisindəyik. Ümumən götürəndə 2015-ci ildə hökumətin fəaliyyətinə bir məsələyə görə qiymət vermək olar. Bu iqtisadi çətinlikləri hökumət nə cür dəf edə bildi? Demək olar ki, həmin çətinliklər Azərbaycan iqtisadiyyatını çökdürə, Azərbaycan manatını tamamilə zəiflədə, Azərbaycanı iqtisadi inkişaf  planlarından çəkindirə bilmədi.
Nəzərə almaq lazımdır ki, manatın devalvasiyası daxildəki iqtisadi proseslərdən irəli gələn məsələ deyildi. Bu, neftin qiymətinin 4 dəfə aşağı düşməsi və ABŞ dollarının uçot dərəcəsinin qaldırılmasından irəli gələn məsələ idi. Əgər vaxtilə Azərbaycan neftdən gələn gəlirlərdən səmərəli istifadə etməsəydi, o gəlirlər qeyri-neft sektorunun inkişafına yönəlməsəydi, infrastrukturun yenilənməsinə, regionların sosial-iqtisadi inkişafına diqqət yetirilməsəydi, əlbəttə ki, bu gün manatın məzənnəsi də kifayət qədər zəif olardı, Azərbaycan iqtisadiyyatı da bu proseslərdən çətinlik çəkərdi. Vaxtında görülmüş tədbirlər nəticəsində 2015-ci ilin çətinliklərinə əvvəlcədən bir sipər çəkmək mümkün oldu.
2015-ci il Azərbaycan üçün müəyyən qədər ağır oldu, amma Azərbaycan cəmiyyəti buna tap gətirdi. Azərbaycan hökuməti qarşıda duran vəzifələri yerinə yetirdi. Ən əsası, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı iqtisadi siyasət özünün səmərəliyini, uzaqgörənliyini bir daha təsdiq edə bildi.
Mən  bildirmək istəyirəm ki, hər bir deputat görülən işə ümumi qiymət verməklə yanaşı, seçildiyi regionun da problemlərini vaxtaşırı parlamentin tribunasından qaldırır. Mən də seçildiyim Mingəçevirlə bağlı məsələləri vaxtaşırı burada qaldırmışam və bu gün bir daha qaldırmaq istəyirəm. Mingəçevir üçün əsas məsələlərdən biri iş yerlərinin yaradılmasıdır. Mən çox şadam ki, bu məsələ hökumətin diqqət mərkəzindədir. Arada mən hörmətli Artur müəllimə yaxınlaşıram, Mingəçevirlə bağlı bir neçə məsələni diqqətdə saxlamasını xahiş edirəm. Mən çox şad oldum ki, o məsələlər barəsində kifayət qədər məlumatlıdır və kömək etməyə söz verdi.
Bu gün hökumətin fəaliyyətinin əsas istiqamətlərindən birinin regionların  sosial-iqtisadi inkişaf məsələsi olması diqqəti cəlb edir. Bu gün iqtisadi inkişaf mərkəzi birmənalı şəkildə paytaxtdan regionlara köçüb və orada inkişaf tempi paytaxtdan daha yüksəkdir. Mən arzulayıram ki, bu temp bundan sonra da yüksək olsun. Hökumətin 2015-ci ildəki fəaliyyətini müsbət qiymətləndirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mirkazım Kazımov.
M.Kazımov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Dünya iqtisadiyyatında fəallığın aşağı səviyyədə olduğu 2015-ci ildə Azərbaycan iqtisadi inkişafa nail olmuşdur. Məruzə və çıxışlarda qeyd edildiyi kimi, ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz artmışdır. Hesabat ilində ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Makroiqtisadi göstəricilərin bu müsbət dinamikası Prezident İlham Əliyevin apardığı məqsədyönlü sosial-iqtisadi siyasətin nəticəsi olaraq mümkün olmuşdur.
Bu uğurlar tanınmış beynəlxalq maliyyə qurumlarının müvafiq hesabatlarında və qiymətləndirmələrində öz əksini tapmışdır. “Qlobal rəqabət  qabiliyyətliliyi 2015–2016” hesabatına görə Azərbaycan 140 ölkə arasında 40-cı, MDB ölkələri arasında 1-ci, “Makroiqtisadi mühit” göstərici üzrə 10-cu yerdə olmuşdur.
Dövlət başçısı 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etmişdi. Bu qərar aqrar sektorun inkişafına təkan verdi, kənd təsərrüfatı istehsalçılarını daha çox məhsul istehsal etməyə səfərbər etdi. Bunun nəticəsində hesabat ilində kənd təsərrüfatında ümumi daxili məhsul istehsalında 6,6 faiz artıma nail olundu. 3 milyon tona yaxın taxıl istehsal olundu, artım 26 faiz  təşkil etdi.
Məhsul istehsalı və emalına xidmət infrastrukturuna və yeni  texnologiya layihələrinə görə 5 mindən çox sahibkara Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 205 milyon manata yaxın güzəştli kredit verilmişdir. Kənd təsərrüfatının inkişafının təminatçısı olan meliorasiya və irriqasiya sektorunun normal fəaliyyəti hesabat ilində hökumətin diqqət mərkəzində olmuşdur. Yalnız onu qeyd etmək kifayətdir ki, 2015-ci ildə bu sektorun saxlanması və inkişafı üçün bütün mənbələr üzrə 491 milyon manat maliyyə vəsaiti sərf olunmuşdur.
Kür çayı boyunca, habelə ölkənin təhlükəli hesab olunan digər çaylarında sel və daşqınlara qarşı mühafizə bəndlərinin salınması işləri davam etdirilmiş,  Tovuzçay su anbarının istifadəyə verilməsi işləri başa çatdırılmışdır. Cəyirli su anbarında torpaq bəndinin yenidən qurulması, Cəlilabad rayonunda  İncəçay su anbarı bəndinin təmir-bərpası və Astara rayonunda Ləvain su anbarı bəndində dəmir beton üzlüyünün çəkilməsi işləri görülmüşdür. Samur–Abşeron suvarma sistemlərinin yenidən qurulması layihəsinə daxil olan işlər davam etdirilmişdir. Prezidentin tapşırığına əsasən ölkədə 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində əkin sahələrinin və həyətyanı torpaq sahələrinin su ilə təminatının yaxşılaşdırılması və sakinlərin içməli suya olan tələbatının ödənilməsi üçün 300 subartezian quyusunda qazma işləri başa çatdırılmışdır.
Hörmətli millət vəkilləri, məlum olduğu kimi, hökumət ətraf mühitin mühafizəsi, torpaqların deqradasiyasının qarşısının alınması,  müxtəlifliyin qorunması, tullantıların utilizasiyası və bu cür digər problemlərin həlli üçün tədbirlər görür. Hesabat ilində də sosial-iqtisadi və ekoloji  yönümlü dövlət proqramları çərçivəsində bu işlər uğurla davam etdirilmişdir.
Ötən il ərzində ölkədə 10,2 min hektar sahədə meşə bərpa və meşəsalma işləri həyata keçirilmiş, 4,3 milyon ağac əkilmişdir. Su bioresurslarının artırılması, bərpası, istifadəsinin tənzimlənməsi və mühafizəsi sahəsində müvafiq işlər görülmüşdür. 397 milyona yaxın   müxtəlif növ balıq körpələri, o cümlədən 6,5 milyon nərəcinsli balıq körpələri yetişdirilib Xəzər dənizinə və digər su hövzələrinə buraxılmışdır.  Xıllı Nərə Balıqartırma zavodunda süni yetişdirilmiş nərə cinsli balıqlardan ibarət təmirtörədici fond yaradılmış və ana  balıqlardan alınmış kürüdən balıq körpələri yetişdirilmişdir. Milli parkların, təbiət qoruqlarının inkişafı, onların strukturunun təkmilləşdirilməsi və nümunəvi infrastrukturlarının yaradılması istiqamətində müvafiq  tədbirlər həyata keçirilmişdir.
Çıxışımı yekunlaşdıraraq bir daha qeyd etmək istərdim ki, dünya iqtisadiyyatında olduğu kimi, Azərbaycan iqtisadiyyatı üçün də gərgin olan 2015-ci ildə hökumət strukturları, nazirlik və komitələr..
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H.Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli Artur müəllim, dəyərli hökumət üzvləri, hörmətli deputat həmkarlarım! Hər il olduğu kimi, bu il də baharın ilk günlərində hökumətin hesabatını dinləyirik, onun gördüyü işlərə qiymət veririk və düşündüyümüz bəzi perspektiv məsələləri burada səsləndiririk. Bütün çıxışlarda hökumətin fəaliyyəti birmənalı olaraq yaxşı qiymətləndirildi, görülən işlər faktlarla, rəqəmlərlə qeyd olundu. Amma bir həqiqət var ki, bu işlərin böyük bir qismi sosial cəhətdən daha az qorunan təbəqə tərəfindən hiss olunur. O qrup insanlar hökumətin fəaliyyətinə    daha   yaxşı qiymət verə bilirlər. Biz,  rəsmi  adam  kimi qiymət verə biliriksə, sosial durumu zəif olan insanlar bunu daha tez görürlər və daha yüksək qiymət verə bilirlər.
Mən 2015-ci ildə hökumətin fəaliyyətinin bir neçə baş xəttini xüsusi vurğulamaq istəyirəm. Hökumətin fəaliyyətindəki mütərəqqi baxış və bir sıra islahatların aparılması mənim üçün yadda qalan olubdur. Bilavasitə əməkdaşlıq etdiyimiz sosial müdafiə sistemində bu daha çox özünü göstərmişdir. Burada səsləndi, hamınız yaxşı bilirsiniz ki, bu gün bir sıra məsələlər artıq elektron hökumət elementinə keçirilib. Bunun hesabına həm deputatlara müraciətlərin, həm də narazı adamların sayı artıb, çünki burada bilavasitə hüquqi bazadan və elektron hökumət elementlərindən istifadə olunub.
Mən bu islahatları bir sıra qurumlarla əlaqədar səsləndirmək istəyirəm. Məsələn, Dövlət Əmlak Komitəsində dedilər ki, bu gün yerlərdə tədbirlər görülür. “ASAN xidmət”in fəaliyyətini xüsusi vurğulayırlar, səhiyyədə bu gün imtiyazlı, maraqlı işlər görülür, hüquqi xidmətlə bağlı çoxlu yeniliklər var. Eyni zamanda, bu islahatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində özünü göstərir.
Rəqəmlərdən bir neçəsini səsləndirəcəyəm. Ötən il 116 min iş yeri yaradılıb. Ötən il əmək haqqı 2003-cü illə müqayisədə 7,3 dəfə artaraq orta hesabla 466,4 manata çatdırılıbdır. 29 min adam bilavasitə Dövlət Məşğulluq Xidmətinə müraciət edib, iş tapıbdır. Bir maraqlı rəqəmi də demək istəyirəm. Bütövlükdə müavinətlərə verilən xərclər 7,3 faiz artıb, amma ünvanlı yardım alan ailələrin sayı azalıbdır. 2014-cü illə müqayisədə 8772 ailə azdır. Mən bunun səbəbini onda görürəm ki, burada obyektivlik höküm sürüb. Elektron hökumət elementlərindən istifadə olunub ki, bu gün dolayı yolla ünvanlı yardım alan adamlar oradan uzaqlaşıblar. Bu, əlbəttə, bizim gördüyümüz yaxşı işlərdəndir. Eyni zamanda, pensiya islahatları ilə bağlı xeyli işlər görülüb. Bunun nəticəsi göz qabağındadır.
Burada qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlər rəqəmlərlə səsləndi. Mən bir məsələyə xüsusi diqqət yetirmək istəyirəm. Hörmətli Prezidentimizin son çıxışlarında əmək tutumlu iş yerlərinin yaradılmasına diqqət yetirilib. Ölkəmizdə turizm geniş inkişaf edibdir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan artıq qonaq qəbul edə bilən dövlətə çevrilibdir.
Mən burada bəzi başqa məsələləri də demək istəyirəm. Otellər tikilir, yollar çəkilir, amma bizi narahat edən bir məsələ var. 2013-cü ildə istifadəyə verilməli olan Bakı – Astara yolu nədənsə yubadılır. Oqtay müəllim, mən diqqətə çatdırmaq istəyirəm ki, o yolun hazır olan hissəsi nədənsə istifadəyə verilmir, gözümüzün önündə bərbad olub gedir. Heç olmasa, hissə-hissə o yolu istifadəyə vermək olar. İndi biz möhtərəm Prezidentimizin İran səfərində nə gördük? Dəmir yolu ilə əlaqələrin möhkəmləndirilməsini. Mən demirəm, biz təzədən investisiya ayıraq. Xərc çəkilib, yol salınıb, bunu hissə-hissə istifadəyə verməklə biz xeyli vəsaitə qənaət etmiş olarıq.
Biz parlament – hökumət əməkdaşlığını inkişaf etdirmək istəyirik. Əlillərlə bağlı bu gün hüquqi baza formalaşıb. Eyni zamanda, turizmlə bağlı qanun üzərində iş gedir. Düşünürəm ki, yaxın zamanda o qanunu da hazırlayacağıq. Bu da bizim hökumət-parlament əməkdaşlığında xüsusi rol oynayacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Yaqub Mahmudov.
Y.Mahmudov. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Mən öncədən deyim ki, 2015-ci il Azərbaycanımız üçün, xalqımız üçün ən çətin illərdən biri idi. Bu gün ölkəmizdə sabitliyin təmin olunub saxlanılması, Azərbaycanımızın regionda təhlükəsizlik  adası olması çox böyük  uğurdur. Buna görə də belə hesab edirəm ki, başda Prezidentimiz olmaqla ötən il görülən bütün işlərə müsbət qiymət vermək lazımdır və hökumətin fəaliyyəti qənaətbəxşdir. Xüsusilə nazirlərin yerlərdə camaatla görüşməsini, “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsini, mülkiyyət sənədlərinin yerlərdə çatdırılmasını, kənd təsərrüfatı nazirinin yarmarka ticarətini genişləndirməsini, səhiyyə xidmətinin rayonlarda təşkil olunmasını camaatımız böyük razılıqla  qarşılayır. Buna görə də mən seçicilərin razılığını hökumətə çatdırmaq istəyirəm.
Şəkidə çox böyük işlər görülür və bütün bu işlərin əsasında cənab Prezidentin Şəkiyə  bəslədiyi xüsusi diqqət durur. Son illərdə Prezident Şəkiyə 7 dəfə səfər edib, 11 sərəncam imzalayıb. Lap bu günlərdə bizim tarixi abidələrimizin qorunması ilə bağlı növbəti bir sərəncam imzaladı. Şəkimizi yeni inkişaf, intibah gözləyir. Amma mən bu gün çox hörmətli Baş nazirimizin burada olmasından istifadə edərək bəzi məsələləri şəxsən Artur müəllimin diqqətinə çatdırmaq istəyirəm. Şəkidə işsizliyi ləğv etmək, camaatın narazılığını aradan qaldırmaqdan ötrü hökmən və hökmən Şəki ipək kombinatının fəaliyyətini dirçəltmək lazımdır. Bu kombinat artıq işləmir. Keçmişdə orada mindən artıq adam işləyirdi. İpəkçiliklə əlaqədar dövlət proqramının işlənib hazırlanmasına çox böyük ehtiyac var.
Hörmətli Baş nazirin diqqətini bir məsələyə də cəlb etmək istəyirəm. Keçmişdə, sovet hakimiyyəti illərində 60 il Şəkidə təyyarə meydanı fəaliyyət göstərib. Gündə müxtəlif yerlərə 5–6 reys olurdu. İndi, müstəqillik illərində Şəkidə təyyarə meydanı yoxdur, turist axını isə başlayıb. Mən xahiş edirəm, camaatımızın arzusu nəzərə alınsın, Şəkidəki təyyarə meydanı yenidən işə düşsün.
Cənab Prezident yarımçıq qalan məsələlərlə bağlı müntəzəm olaraq qeyd edir ki, bu işlər başa çatdırılmalıdır. Hörmətli Artur müəllim, biz təəssüf edirik ki, 2012-ci ildə cənab Prezident özünün Şəkidə bünövrəsini qoyduğu Heydər Əliyev Mərkəzinin tikintisi yarımçıq qalıb. 100 min əhalisi olan yeganə şəhərdir ki, burada Heydər Əliyevin möhtəşəm heykəli yoxdur, bayraq meydanı yoxdur. Yəni bu məsələlərə diqqət artırılmalıdır. Gənclər evi 2013-cü ildə tikilməyə başlayıb, yarımçıq qalıb. Yarımçıq qalan tikililəri başa çatdırmaq lazımdır. Prezidentin sərəncamı ilə 18 kilometrlik Aşağı Göynük–Baş Şabalıd asfalt yol başa çatdırılıb. Asfalt döşənməli cəmi 4 kilometr qalıb. 4 kilometrin ucbatından hazır asfalt da sökülür. Bu işi başa çatdırmaq lazımdır.
Mən xüsusi qeyd etmək istəyirəm ki, Zəyzid bizim böyük kəndlərimizdən biridir. 2013-cü ildə zəlzələdən sonra qəzalı vəziyyətdə olan orta məktəb binasından uşaqları çıxarıblar. O vaxtdan uşaqlar cürbəcür yerlərdə dərs keçirlər. Bu məktəbin tikintisini başa çatdırmaq lazımdır. Yəni bunlar Şəkidə ciddi narahatlıq doğurur və bunları mən Artur müəllimin – Baş nazirin diqqətinə yetirməyi özümə borc bildim.
Qaldı ki, Şəkidə böyük işlər görülür. Lap bu yaxınlarda Abid Şərifov gəldi, 655 iş yeri açıldı. Bu istiqamətdə işlərimiz gedir. Camaatımız ölkə başçısının siyasətindən, xüsusilə son vaxtları yeritdiyi islahatçılıq siyasətindən, dövlətin və hökumətin fəallaşmasından, sosial-iqtisadi sahədə yeni idarəçilik mexanizminin formalaşmasından çox razıdır. Bu razılığı Azərbaycan Prezidentinə yetirməyi xalq məndən xahiş edib. Mən buradan cənab Prezidentə bunları yetirmək istəyirəm. Həqiqətən də, bizim sosial-iqtisadi inkişaf sistemimizdə dəyişikliklər olmalıdır, fəallaşma getməlidir. Tənzimlənmə mexanizmi işləməlidir və bu işlər gedir. Bu, bizim ən böyük nailiyyətlərimizdən biridir.
Düşünürəm ki, 2015-də – bu çətin ildə hökumətimiz yaxşı işlədi, fəallıq nümayiş etdirdi. Prezidentin yeritdiyi islahatçılıq siyasəti yerlərdə fəallıqla yerinə yetirildi və xalqımız ağır sarsıntılardan xilas edildi. Diqqətinizə görə təşəkkür edirəm və hökumətin fəaliyyətini qənaətbəxş hesab edirəm.
Sədrlik edən. Sağ olun. Bahar Muradova.
B.Muradova. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Mən, Yaqub müəllim, sizin fikirlərinizlə razıyam ki, cənab Prezident başda olmaqla Azərbaycan hökuməti ötən il öz üzərinə düşən bütün vəzifələri və Azərbaycan vətəndaşları, Azərbaycan dövləti qarşısındakı öhdəliklərini yüksək səviyyədə yerinə yetirdi. Bunu rəqəmlərlə, faktlarla, konkret əməli nəticələrlə hökumətin hesabatı, cənab Baş nazirin buradakı çıxışı və mənim həmkarlarımın ayrı-ayrı sahələrlə bağlı söylədiyi müxtəlif fikirlər sübut edir.
Əlbəttə, görülən işə, əldə olunan nəticələrə münasibət 2 cür formalaşa bilər. Bir var ki, görülən işlərdən danışırsan, bir də var problemlərdən. Yəni hər ikisi birtərəfli olur. Amma bu gün diqqət yetirirsinizsə, hər kəs həm görülən işlərdən danışır, həm də müəyyən problemləri qabardır. Odur ki, mənə elə gəlir ki, millət vəkilləri hər zaman olduğu kimi, bu gün də hökumətin işinin nəticələrinə balansı bir münasibət sərgiləyir. Mən əminəm ki, bu kitabda parlament nümayəndələri tərəfindən qaldırılan məsələlərə dair verilən cavablar kimi, qarşıdakı ildə də, qarşıdakı hesabatda da burada səslənən fikirlər öz əksini tapacaq və o problemlərin bir çoxunun həlli ilə bağlı biz burada müəyyən məqamlara rast gələcəyik.
Mən 2 bölmə ilə bağlı fikirlərimi bildirmək istəyirəm. VI bölmə “sosial sahələr”dir. Biz ötən ili birgə yaşamışıq və nə baş veribsə, o prosesin içərisində olmuşuq. Vurğulayacağımız yeganə məqam ondan ibarət ola bilər ki, – əgər bir məqamı vurğulamalı olsaq, – yeridilən bu siyasətin mənbəyində, mərkəzində insan dayanıb. Görülən bütün işlər Azərbaycan insanı, Azərbaycan vətəndaşı, onun rifahı, onun yaxşı yaşaması, onun  gələcəyi və bu insanların üzvü olduğu cəmiyyətin, vətəndaşı olduğu dövlətin möhkəmliyi və qüdrəti naminə edilibdir. Odur ki, bu sahədə görülən işləri qənaətbəxş sayılmaqla yanaşı, bir sıra problemlərin həlli üçün də yeni imkanların, yeni istiqamətlərin yarandığını da vurğulamalıyıq. Bu da Azərbaycan dövlətinin, cənab Prezident başda olmaqla Azərbaycan hökumətinin yeritdiyi iqtisadi, sosial və digər sahələrdəki islahatlar paketinə bağlıdır. Mən hesab edirəm ki, ötən ildən çox böyük sürət götürmüş və 2016-cı ilin əvvəlindən isə sıçrayışlı bir şəkildə gedən bu proses dediyim problemlərin bir çoxunun həllinə gətirib çıxaracaq.
Mən burada ünvanlı sosial yardımla bağlı səslənən bəzi fikirlərə, xüsusilə Elmira xanımın dediklərinə şərik olduğumu vurğulamaq istəyirəm. Həqiqətən də, ünvanlı sosial yardım məsələsində müəyyən köklü dəyişikliklər etməyə ehtiyac var. Mən ayrı-ayrı şəxslərə pul yardımından daha çox, ümumiyyətlə, bu siyasəti ünvanlı sosial layihə adlandırmağı və onu da konkret layihələr şəklində həyata keçirməyi məqsədəuyğun hesab edirəm. Hər halda bunun yollarını və formasını hökumət, müvafiq qurumlar tapa bilər və bu istiqamətdə gedən prosesləri də nəzərə alaraq bunu vurğulamaq olar.
Mən cənab Baş nazirə təmsil etdiyim Füzuli bölgəsinin insanlarının təşəkkürünü, minnətdarlığını çatdırmaq istəyirəm. Əlbəttə ki, ən böyük minnətdarlıq ölkə Prezidentinədir, çünki bütün bu yeridilən siyasətin içərisində təmas xəttindəki həyata xüsusi diqqət yetirilməsi, buradakı insanların problemləri, mənzil-məişət şəraiti, məşğulluğunun təmin olunması ilə bağlı atılan addımlar ortadadır. Müvafiq dövlət qurumunun, qaçqınların və köçkünlərin işi ilə məşğul olan dövlət komitəsinin fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. Bir daha cənab Baş nazirə bizim seçicilərin təşəkkürünü çatdırıram. Ona görə ki, manatın devalvasiyası ilə ayrı-ayrı sahələrdə azalmaların müşahidə olunduğu bir şəraitdə bu sahəyə diqqəti azaltmadılar. Bu il 90 milyon manat vəsait ayrılıb, onun da 48 milyonu Füzuli ərazisində tikiləcək Fin qəsəbəsinə yönəldilib.
Mən büdcənin müzakirəsində də bu məsələni qaldırmışdım. Cənab Baş nazirə bir daha təşəkkür edirəm ki, o, büdcə vəsaitini gözləmədən hökumətin fondundan bu layihənin həyata keçirilməsi üçün 1 milyon 600 min manat vəsait ayırdı. Artıq ilkin işlər tamamlanmaqdadır, büdcədən vəsaitin ayrılmasını gözləyirlər. O insanların minnətdarlığı, o insanların sabaha ümidi Azərbaycan hökuməti ilə, onun işi ilə bağlıdır.
Təmas xəttindən söz düşmüşkən bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Bilirsiniz ki, ötən il təmas xəttində daha çox təxribatların, daha çox insidentlərin baş verməsi ilə yadda qaldı. Meydana çıxan nə oldu? Bizim hamımızın qürurla vurğuladığımız bir cəhət ondan ibarət oldu ki, Azərbaycanın müdafiə qüdrəti getdikcə yüksəlməkdədir.
Mən X bölmədə əks olunan məsələlərlə bağlı qısa şəkildə fikrimi belə ifadə edərdim ki, ötən il ordu quruculuğu yüksək səviyyədə davam etdi, ordu hissələrində hərbi intizam möhkəmləndirildi, nizamnamədən doğan öhdəliklər və fəaliyyətlər ardıcıl şəkildə yerinə yetirildi, ictimaiyyətlə əlaqələr daha da möhkəmləndirildi. İctimaiyyətin nümayəndələri ilə birgə keçirilən tədbirlərin sayı və çərçivəsi genişləndi.
Media və veteran təşkilatları ilə vətənpərvərlik ruhunun qaldırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulamaq istəyirəm. Buna həm Müdafiə Nazirliyi, həm də əlaqədar nazirliklər ciddi diqqət yetirdilər. Ötən il ayrılmış 3,3 milyard manat vəsait həm ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, həm hərbçilərin sosial durumunun yaxşılaşdırılmasına, həm də bu istiqamətdəki fəaliyyətləri təşkil etməyə sərf olundu. O da özünü həmin təxribatların aradan qaldırılmasında, düşmənə layiqli cavab verilməsində, Azərbaycan ordusunun gücünün və qüdrətinin göstərilməsi faktlarında özünü bir daha sübut etdi. Bu da Azərbaycan xalqının sabaha olan ümidini, ordunun gücünə və bu problemi həll edəcəyinə inamını möhkəmləndirdi.
Müdafiə sənayesindəki uğurlarımızı xüsusilə vurğulamaq istəyirəm. Bizim hərbi təyinatlı, müdafiə təyinatlı məhsullarımızın istehsalı, xüsusilə beynəlxalq sərgilərdə iştirak, hərbi-texniki əməkdaşlıq sahəsində bağlanılan müqavilələr və onların nəticələri Azərbaycanda ordu quruculuğunun möhkəmləndirilməsinə xidmət eləyən, müdafiə sənayesinin aparıcı istiqamət kimi inkişafını şərtləndirən əsas cəhətlərdir.
Səfərbərlik sahəsində əldə olunan nailiyyətləri də qeyd etmək istəyirəm. Bu sahədə olan bir sıra problemlər, nöqsanlar bizi narahat edirdi. Ötən il bu nöqsanların aradan qaldırılmasında, hərbi vətənpərvərlik ruhunun möhkəmləndirilməsində, hərbi hazırlıq prosesinin və hərbi səfərbərlik işinin təşkilində əldə olunan nailiyyətlər xüsusi diqqət çəkir. Mən bu sahədə korrupsiya hallarının azaldılmasını, vətəndaşların incidilməsi istiqamətində problemlərə son qoyulmasını xüsusi vurğulamaq və bu işi təşkil edənlərə təşəkkür və minnətdarlığımı bildirmək istəyirəm.
Bütün fikirlərimi ümumiləşdirərək onu söyləmək istəyirəm ki, Azərbaycanın artan iqtisadi gücü, ordu quruculuğunun möhkəmləndirilməsi, müdafiə və döyüş qabiliyyətimizin artırılması istiqamətindəki siyasəti uğurlu beynəlxalq xarici siyasətlə əlaqələndirilmişdir. Bütün bunlar ölkə Prezidentinin rəhbərliyi altında Azərbaycan hökumətinin 2015-ci ildə yüksək səviyyədə işlədiyini, müsbət nəticələr ortaya qoyduğunu söyləməklə 2016-cı ildə də indidən çətin görünən bu proseslərin həllində ciddi nailiyyətlər əldə edəcəyimizə ümidlərimizi artırır. Bir daha hökumətə gördüyü bu işlərə görə təşəkkür edir, hesabatın qənaətbəxş qiymətləndirilməsini təklif edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Bahar xanım. Çingiz Qənizadə.
Ç.Qənizadə. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli qonaqlar! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildəki fəaliyyəti haqqındakı hesabatını, təbii ki, hamımız oxumuşuq. Bəzi məqamları sadalamaqla vaxtınızı almaq istəmirəm, amma demək istəyirəm ki, 2015-ci ildə  istehsal edilmiş ümumi daxili məhsulun həcminin 2014-cü ildəkinə nisbətən 1,1 faiz artaraq 54,4 milyard olması artıq uğurların nişanəsidir. Belə hesab edirəm ki, 2015-ci ildə də Nazirlər Kabineti artan xətlə öz fəaliyyətini həyata keçirmişdir.
Biz bölgələrdən seçilmiş millət vəkilləriyik. Əhalini ən çox narahat eləyən məsələlər qaz, meliorasiya, kənd təsərrüfatı və digər xidmət sahələri ilə bağlıdır. Ona görə bu sahələrlə bağlı bir neçə məqamı qeyd etmək istəyirəm. 2015-ci ildə mənim seçildiyim İmişli–Beyləqan dairəsində insanların işıqla bağlı problemlərinin demək olar ki, böyük əksəriyyəti öz həllini tapıb. Mən bir araşdırma apardım. “Azərişıq” 2015-ci ildə 1500-ə yaxın transformatoru yenidən qurub, dəyişdirib. Bunlardan, təbii, bizə də pay düşür. Çox arzu edirəm ki, bu sahədə işlər davam etdirilsin.
Meliorasiya və su təsərrüfatı ilə bağlı qeyd etmək istəyirəm ki, ölkənin bütün çaylarında müəyyən yenidənqurma işləri aparılıb və regionlarda suvarma işlərinin aparılması ilə bağlı xeyli işlər görülüb. Bu, alqışlanmalıdır, amma qeyd edirəm ki, insanların kənd təsərrüfatı məhsullarını əkib-becərmələri üçün su ilə bağlı problemləri var. Elə hesab edirəm ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bu uğurlu işini növbəti illərdə də davam etdirəcəkdir.
2015-ci ilin  yanvar ayının 12-də cənab Prezidentin sərəncamı ilə ölkədə “Kənd təsərrüfatı ili” elan olunub. Bu sahədə işlər gedir və təbii ki, neftdən asılılığımız azaldıqca aqrar sahəyə fikir verməyə məcburuq. Amma mən bir məsələni qeyd edim ki, bu gün seçiciləri narahat eləyən məsələlərdən ən başlıcası istehsal olunmuş kənd təsərrüfatı məhsullarının hansı qurum tərəfindən tədarük olunması, alınmasıdır. Bu məsələ həll olunmalıdır. İnsanlar bilməlidir ki, istehsal etdikləri malları sovet dövründə mövcud olan “tədarük kontoru” kimi qurumlar alacaq.
Bir də mən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə təşəkkür eləmək istəyirəm. Son aylarda yararsız, keyfiyyətsiz, hətta iylənmiş ətlərin Bakıda satılmasının qarşısı alınıb. Çox istərdim ki, bu hallara qarşı mübarizə olduqca gücləndirilsin və onlara bu işdə uğurlar arzulayıram.
Bir milyon qaçqının əlində qalmış 500 milyonluq Avropa Azərbaycandan nümunə götürməlidir. Mənim təmsil olunduğum bölgədə qaçqın və köçkünlərin problemi demək olar ki, həll olunub. 2015-ci ildə bu iş uğurla davam etdirilir və bu, təbii ki, müsbət dəyərləndirilməlidir. İnsanlar bir şeydən razılıq edirlər. Əmlak Məsələləri Dövlət Komitəsinin maşınları yerlərdə insanlara çıxarışlar paylayır. Digər tərəfdən, “Asan xidmət”in fəaliyyəti insanlara xidmətdir. Nazirlər Kabinetinin qurumlarının xidmət sahəsində gördüyü işlər, təbii ki, təqdirəlayiqdir. Burada bir fikir vurğulandı ki, bəzi daşınmaz əmlakların sənədləri əldə olunmayıb. Mən araşdırma apardım. Vaxtilə Dövlət Torpaq Komitəsi işlərini çox primitiv üsullarla qurmuşdu. Yenidən bu işlər qurulur və inanıram ki, yaxın vaxtlarda insanlar Əmlak Məsələləri Dövlət Komitəsinin apardığı işin nəticəsi olaraq bu sənədləri əldə edəcəklər. Onlara da uğurlar diləyirəm.
Fürsətdən istifadə edib dünənki informasiyaya görə rabitə və yüksək texnologiyalar nazirinə təşəkkür etmək istəyirəm. İnsanlara keyfiyyətsiz internet xidməti göstərdiyinə görə bu qurumun rəhbərliyinin işdən uzaqlaşdırılması yüz minlərlə internet həvəskarının sevincinə səbəb olub. Bu işlər davam etdirilməlidir. Barışmaz olmaq lazımdır.
2015-ci ildə baş verən müəyyən yanğın və sair hadisələr zamanı fövqəladə halların qarşısının alınması, təcili axtarış, xilasetmə işlərinin ən professional formada həyata keçirilməsi, fövqəladə halların nəticələrinin əvvəlcədən aradan qaldırılması və fövqəladə halların əvvəlcədən xəbərdar edilməsi sahəsində görülən işlər hər bir vətəndaş kimi, bizi də olduqca sevindirir. İmişli və Beyləqanda bir sıra çəkilməmiş yollar qalıb. Mən çox istərdim ki, onların çəkilişi bu il reallaşsın və insanlar daha rahat yollardan istifadə etsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli həmkarlarım! Mən də 2015-ci ildə Prezidentimizin rəhbərliyi altında hökumətin fəaliyyətini yüksək qiymətləndirirəm. Burada deputat həmkarlarım qeyd elədilər, iki amil əsasında burada qeydiyyat getdi. Əsasən istiqamət daxili amillərə üstünlük verməklə həyata keçirildi.
Lakin biz nəzərə almalıyıq ki, hökumətin fəaliyyəti iki istiqamətdə olur. Birinci, sabitlik dövründə, ikinci, ölkənin özündən asılı olmayan digər səbəblərdən baş verən hadisələr nəticəsində olur. Tutaq ki, siyasi baxımdan neftin qiymətinin düşməsi nəticəsində hökumətin göstərdiyi fəaliyyət, yaxud da bizi əhatə edən dövlətlərlə iri dövlətlər arasında baş verən gərgin böhran nəticəsində Azərbaycanın tərəfdaş olduğu ölkələrlə münasibətlərində hər bir ölkənin Azərbaycanı öz tərəfinə çəkib, hansısa bloka qoşmaq səviyyəsində gedən fəaliyyət. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan hökuməti bu işlərdə çox fəal oldu. Prezidentimizin rəhbərliyi altında stabil, düzgün müstəqil xarici siyasətin həyata keçirilməsi nəticəsində bu proseslərdə öz mövqeyimizi qoruyub saxladıq.
Azərbaycanda iki böyük tədbirin – I Avropa oyunlarının, bir də, ən böyük siyasi aksiyalardan biri olan parlament seçkilərinin keçirilməsi məhz 2015-ci ilə təsadüf edir. Bunun nəticəsində parlamentə seçilənlərin hökumətin fəaliyyətini qeyri-qənaətbəxş hesab etməsi, doğrudan da, gülüncdür. Əgər hökumət bu cür fəaliyyət göstərməsə idi, səni parlamentə necə seçə bilərdi?
Digər tərəfdən, nəzərə alaq ki, 2015-ci ildə təkcə Avropa Parlamentinin ədalətsiz 4 qətnaməsi, ATƏT-in Demokratik Təsissatlar və İnsan Hüquqları Bürosunun və Avropa qurumlarının Azərbaycana qarşı etdiyi təzyiqlər çərçivəsində fəaliyyət göstərmək digər dövrlərdən çox-çox fərqlidir. Azərbaycan hökuməti, doğrudan da, ciddi-cəhdlə bu məsələlərdə öz mövqeyini ortaya qoydu. Hətta Ermənistan tərəfindən başlayan təxribatlara, Azərbaycanın daxilində olan separatçı qüvvələrin hərəkətlərinə baxmayaraq, Azərbaycanda ictimai-siyasi sabitlik qorundu və iqtisadi inkişaf davam etdi.
Söhbət işdən gedirsə, burada geniş şəkildə makroiqtisadi və ya mikroiqtisadi sistemdən danışmağa ehtiyac yoxdur. 2015-ci ildə büdcə dolub? Dolub. İnsanlar pensiya, əmək haqqı alıb? Alıb. Heç bir kəsir yoxdur. Tikinti-quruculuq, abadlıq işləri davam edir. Artıq bu verilən qiymətdir. Əlavə buna nə qiymət verəsən? Bəzən məsələlər qaldırırlar. Biz burada büdcəni müzakirə eləmirik, hesabata qiymət veririk. Ümumi bir neçə təklif irəli sürə bilərik.
Mənim də bir neçə təklifim var. Oqtay müəllim, xahiş edirəm, mənə bir-iki dəqiqə əlavə vaxt verəsiniz ki, bu təkliflərimi çatdırım. Bilirsiniz ki, kənd təsərrüfatı sahəsində vergilər götürülüb, lakin emal müəssisələri və konserv zavodları vergilərdən azad olunmayıb. Bunun nəticəsi olaraq o müəssisələr digər ölkələrlə rəqabətə girə və xarici bazarlara çıxa bilmir. Nəticədə ölkəyə valyuta gəlmir. O baxımdan kənd təsərrüfatına aid müəssisələrin və Sahibkarlığa Yardım Fondu tərəfindən tikilən anbarların, saxlama məntəqələrinin bir çoxu fəaliyyətini dayandırıb. Enerji haqqı, əlavə dəyər vergisi nəticəsində qiymət çox yuxarı qalxır. Kartofun qiyməti 80 qəpiyə çıxır ki, İran onu 40 qəpiyə satır. Bu baxımdan da sərf etmir. Əgər onları vergilərdən  müəyyən dərəcədə azad eləsək, kənd təsərrüfatının inkişafına şərait yaradıla bilər. Bir konserv zavodunun...
Sədrlik edən. İki dəqiqə vaxt verin.
S.Novruzov. Bir konserv zavodunun işləməsi üçün əgər 500 nəfər çalışırsa, o, 2000 hektarı əhatə edir. Hər hektarda da tərəvəz əkmək üçün 5 nəfər işləyirsə, bu, 10 min adam deməkdir. Hər bir rayonda belə bir müəssisənin işləməsi görün nə qədər insanın işlə təmin olması və gəlir əldə etməsidir.
İkinci, Amerika Birləşmiş Ştatlarında ən böyük nazirliklərdən biri Kənd Təsərrüfatı Nazirliyidir və onun hər ştatda strukturu var. Başqa nazirliklərin  belə strukturu yoxdur. Bizdə də Heydər müəllim bütün rayonlarda bu strukturları yaradır. Amma bundan əlavə böyük statistik mərkəz, proqnozlaşdırılmış mərkəz yaradılmalıdır. Məsələn, hər il Amerika Birləşmiş Ştatlarının kənd təsərrüfatı naziri elan edir ki, ölkəyə bu qədər soğan, bu qədər kartof, bu qədər yumurta lazımdır. Fermer də bilir ki, nəyi istehsal etmək lazımdır. Fermer bilir ki, bu məhsulu əksə bəhrə götürəcək və dövlət bunu alacaq. Burada həm dövlətin, həm də vətəndaşın məsələləri həll olunur.
Bir də, ünvanlı sosial yardımla əlaqədar Bahar xanım da qeyd elədi, birbaşa pulu verməyin heç bir mənası yoxdur. Bunun dünyada bunun mexanizmi mövcuddur. Əgər biri dərzidirsə, ona dərzi dükanı açıb paltartikən maşın vermək lazımdır. Biri sağıcıdırsa, iki inək vermək lazımdır ki, bununla dolansın. Hər il ayda 100 manat almaqla nə öz ailəsini saxlayacaq, nə də hər hansı peşə ilə məşğul olacaq. Ona görə də buna baxış dəyişilməlidir. Hesab edirəm ki, bu sahədə islahatlar gedir. Oqtay müəllim, hökumətin hesabatını səsə qoyaq, qəbul eləyək.
Sədrlik edən. Sən çıxış elədin, çox rahat oldu,  səsə qoyduq, qurtardıq. Bundan başqa gündəlikdə iki məsələmiz də var. 5 nəfər həmkarımız çıxış eləsin, sonra onların müzakirəsinə keçək. Əflatun Amaşov, buyurun.
Ə.Amaşov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli deputatlar, hörmətli hökumət nümayəndələri! Mən Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı qənaətbəxş hesab edirəm. Hesabat Azərbaycan hökumətinin fəaliyyətinin məhsuldarlığından xəbər verir. Həqiqətən də, bütün sahələr üzrə nəticələr kifayət qədər aydın təhlil olunub və bu, imkan verir ki, perspektiv üçün reallaşdırılacaq tədbirləri əsaslı şəkildə proqnozlaşdıraq.
Fikirlərimi, əsasən, hesabatın VII fəslinin beşinci və altıncı bölmələri üzərində cəmləşdirəcəyəm. Həmin bölmələr müvafiq olaraq “Dövlət teleradio verilişləri” və “Dövlət informasiya sahəsi” adlanır. Hər iki başlıq bir məqama söykənir ki, bu da dövlətin informasiya siyasəti ilə bağlıdır. Yəni prinsipcə başlıca məqam dövlətin informasiya siyasətidir.
Hesabatda bu xüsusda yalnız Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin və AzərTAC-ın üzərində dayanılır. Əlbəttə, hər iki qurumun ölkəmizin media məkanında və informasiya siyasətində rolu böyükdür. Ancaq “Dövlət teleradio verilişləri” xüsusi bölmə kimi nəzərdə tutulursa, o zaman yaxşı olardı ki, hesabatda Milli Teleradio Şurasının gördüyü işlər də əksini tapaydı. Bu qurum da kifayət qədər məhsuldar fəaliyyət göstərir.
Unutmaq olmaz ki, bu gün dövlətin informasiya siyasətində əsas iştirakçılardan biri də Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur. Qurumun ölkə mətbuatının inkişafına verdiyi töhfələr göz önündədir. Yaxşı olardı ki, növbəti illərdə hesabatın “Dövlət informasiya siyasəti” bölməsində AzərTAC-la yanaşı,  KİVDF  və digər əlaqədar qurumların fəaliyyətindən bəhs ediləydi.
Hörmətli həmkarlar, mən bir məsələ ilə bağlı fikirlərimi bildirmişdim, yenidən ona qayıtmağı vacib sayıram. Məlumdur ki, devalvasiya mediaya da mənfi təsirini göstərib. Kağız bahalaşıb, çap xərcləri artıb. Bununla yanaşı, ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsullarının üzərinə əlavə dəyər vergisinin tətbiqinə də başlanılıb. Bu, onsuz da çətin olan vəziyyəti bir qədər də mürəkkəbləşdirib.
Media ictimaiyyəti məsələdən narahatdır. Bu gün bir çox media orqanının fəaliyyətində durğunluq yaranıb. İşini dayandıran kütləvi informasiya vasitələri də var. Əlavə dəyər vergisinin, Azərbaycanın dövlət büdcəsinə daxil olan vəsaitin miqdarı o qədər də böyük deyil. Bu rəqəm təqribən yarım milyon manata yaxındır. Ancaq bu vəsait maliyyə sıxıntısı keçirən KİV-lər üçün heç də az deyil. Bunlar onsuz da məhdud büdcə ilə fəaliyyət göstərirlər. Təklif edirəm ki, medianın cəmiyyət həyatındakı rolu əsas götürülərək ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi götürülsün. Azərbaycan hökumətindən bu istiqamətdə əməli tədbirlərin görülməsini xahiş edirəm.
Hörmətli cənab Sədr, indi də deputatı olduğum Saatlı rayonunda seçicilərimlə görüşlər zamanı qaldırılan problemlərlə bağlı təklif vermək istəyirəm. Ölkəmizdə digər qeyri-neft sahələri kimi, aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Belə diqqət Saatlı camaatı üçün həyati əhəmiyyət kəsb edir. Mövcud relyef, bərəkətli Muğan torpağı ildə iki dəfə məhsul götürməyə, ərzaq bolluğu yaratmağa imkan verir. Sakinləri də dədə-babadan işgüzardır. Torpağa sevgisini qayğısı və zəhməti ilə nümayiş etdirir. İndi onun özünün köməyə ciddi ehtiyacı var. Göz işlədikcə uzanan torpaqlar “su” deyərək imdad diləyir.
Bu məsələyə kompleks baxılmalıdır. Mövcud şəbəkələr suya olan tələbatı ödəyə bilmir. Yeni, daha müasir su təchizatı şəbəkəsinin inşası olduqca zəruridir. Bu məsələlər yubadılmamalıdır. Məhsul nə qədər bol olarsa, bir o qədər də ucuzluq olar. Məsələnin mahiyyəti də məhz bununla yekunlaşır. Nazirlər Kabinetindən, hörmətli Baş nazirimizdən Saatlı camaatı adından xahiş edirəm ki, bunu təxirə salınmaz məsələlər sırasına daxil etsin. Əvvəlcədən təşəkkürümü bildirirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Kamilə Əliyeva.
K.Əliyeva. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri və hörmətli millət vəkilləri! Bildiyiniz kimi, 2015-ci ildə dünya iqtisadiyyatında baş vermiş qlobal iqtisadi böhran Azərbaycandan da yan keçməmişdir. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi dəqiq, səmərəli daxili və xarici iqtisadi siyasət nəticəsində Azərbaycan az itkilərlə 2015-ci ili başa vurdu. Cənab İlham Əliyevin hazırladığı iqtisadi və sosial proqram nəticəsində Azərbaycan artıq 2015-ci ildə baş vermiş iqtisadi və maliyyə çətinliklərini arxada qoymuşdur.
Çox sevindirici haldır ki, 2015-ci ilin əvvəlində nəzərdə tutulmuş bütün sosial layihələr həyata keçirilmişdir. Cənab Prezidentin 2014–2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda qeyd etdiyi kimi, 2015-ci ildə Azərbaycanda bir sıra məsələlər öz həllini tapmış, nəzərdə tutulmuş bütün işlər icra edilmişdir. Təsadüfi deyil ki, “Qlobal rəqabət qabiliyyətliyi 2015–2016” hesabatı üzrə Azərbaycan artıq 7 ildir ki, MDB dövlətləri arasında birincidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatdan göründüyü kimi, Azərbaycan iqtisadiyyatında böyük irəliləyişlər baş vermiş, istər Nazirlər Kabineti, istərsə də nazirliklər və komitələr cənab Prezidentin onların qarşısına qoyduğu vəzifələri yerinə yetirmişlər.
2015-ci ildə Bakı şəhərində olduğu kimi, regionlarda da böyük quruculuq və abadlıq işləri görülmüş, yeni istehsal müəssisələri yaradılmış, çoxlu sayda daimi iş yerləri açılmışdır. Azərbaycan iqtisadiyyatı artıq neft gəlirlərindən asılılığı geridə qoymuşdur. Qeyri-neft sənayesi sürətlə inkişaf etməkdədir. 2015-ci ildə qeyri-neft sənayesi əvvəlki illə müqayisədə 8,4 faiz artmışdır. Görülmüş tədbirlər nəticəsində xaricə ixrac olunan məhsulların sayı artmışdır. İl ərzində qeyri-neft məhsullarının ixracının həcmi əvvəlki ilin göstəricisini 2,7 faiz üstələyir.
Dövlət büdcəsinin gəlirləri də 2015-ci ildə müsbət dinamika ilə yerinə yetirilmişdi. İstər Vergilər Nazirliyi, istərsə də Dövlət Gömrük Komitəsi proqnozları 100,1 faiz yerinə yetirmişdi.
Əsas məsələlərdən biri respublikada yoxsulluğun səviyyəsinin aşağı salınması olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə yoxsulluq səviyyəsi 4,9 faizə enmişdir. Bu da dünya ölkələri arasında ən aşağı faiz göstəricilərindən biri sayılır.
İnsanların sosial rifahı sahəsində də çox səmərəli işlər görülmüşdür. Əvvəlki illərdə aztəminatlı ailələrə verilən ünvanlı sosial yardım sahəsində bir sıra ciddi nöqsanlar mövcud idi isə cənab Səlim Müslümovun təyinatından sonra bu sahədə çox şəffaf bir mexanizm yaradılmışdır. Burada bütün bürokratik hallar tam aradan qaldırılmışdır.
Ölkə iqtisadiyyatının inkişafında Heydər Əliyev Fondu və şəxsən fondun Prezidenti xanım Mehriban Əliyevanın müstəsna xidməti danılmazdır.  Fondun dəstəyi və maliyyə yardımı ilə ölkə ərazisində çoxlu sayda məktəb və uşaq bağçaları tikilmiş və təmir edilmişdir. Bu da ölkədə təhsil alan uşaqların və gənclərin savadlı yetişməsinə əvəz edilməz bir töhfədir.
Təhsil Nazirliyi və digər dövlət qurumlarının rəhbərlərinin burada olmasından istifadə edərək bir neçə məsələyə diqqət çəkmək istəyirəm. Qeyd etdiyim kimi, istər dövlət tərəfindən, istərsə də Heydər Əliyev Fondunun vəsaiti hesabına təmsil olunduğum Zaqatala və Balakən rayonlarında çox gözəl, müasir məktəb və uşaq bağçaları tikilmişdir. Bu rayonların 100 faiz qazla təmin olunmasına baxmayaraq, həmin məktəb və uşaq bağçaları hələ də isitmə sistemləri ilə təchiz  edilməmişlər. Dərs otaqları hələ də odun və digər yanacaq növü ilə qızdırılır. Bu da həmin məktəblərdə təhsilin səviyyəsini aşağı salır, həm də yeni tikilmiş tikililərin yararsız hala düşməsinə səbəb olur. Yaxşı olardı ki, müvafiq qurumlar bu problemin həll olunması üçün təcili tədbirlər görərdilər.
Bir problemi də diqqətinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, cənab Prezident kənd təsərrüfatı sahəsində islahatların aparılmasını vacib saymışdır. Buna görə fermerlərə təsərrüfatlarını genişləndirmək və bol məhsul yetişdirmək üçün əlavə kreditlər ayrılmasını qeyd etmişdir. Düzdür, bu gün həmin kreditlər ayrılır, amma bölgələrdə kənd təsərrüfatı ilə məşğul olan fermerlər həmin güzəştlərdən yararlana bilmirlər. Zaqatala və Balakən rayonlarının fermerləri mənə müraciət edərək bildirirlər ki, bank tərəfindən verilən kreditin müqabilində Bakı şəhərində daşınmaz əmlak girovu tələb edirlər. Aydındır ki, rayondakı fermerlərin Bakı şəhərində daşınmaz əmlak girovu yoxdur. Bununla əlaqədar xahiş edərdim...
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, dəyərli hökumət üzvləri və həmkarlar! Hökumətin 2015-ci ildəki fəaliyyətinə ən böyük qiyməti cənab Prezident bu ilin yanvarında ötən ilin iqtisadi-siyasi yekunlarına həsr olunmuş toplantıda veribdir. Həmkarlarım da bəzi məsələlərə toxundular.
Mən iqtisadi məsələlərə çox varmaq istəmirəm. Sadəcə, bir faktı demək istəyirəm ki, ötən illə bağlı danışanda yada ən çox düşən iki devalvasiya oldu. Amma bunun özündə belə Azərbaycan rəhbərliyinin, Azərbaycan hökumətinin əhaliyə sosial yanaşmasını ortaya qoyan məqamlar var. Qlobal böhranın davam etdiyi dövrdə 7 ildir cənab Prezidentin rəhbərliyi altında Azərbaycan hökuməti bunu Azərbaycan xalqı öz həyatında hiss etməsin deyə əlindən gələni edir.
Eyni zamanda, devalvasiyalardan sonra bilirsiniz ki, çox pessimist proqnozlar var idi. O proqnozların demək olar ki heç biri özünü doğrultmadı. Əsas da budur ki, insanlar vaxtıvaxtında əmək haqlarını, pensiyalarını aldılar. Çox yüksək səviyyədə inflyasiya gözlənilirdi. Bu olmadı, heç bir məsələdə ixtisarlara yol verilmədi. Halbuki biz gördük ki, 2008-ci ildən üzü bəri Avropa dövlətlərində müavinətlər azaldıldı, sosial ixtisarlara yol verildi və sair. Yəni bütün bunların hamısı göz qabağında olan faktlardır.
Hökumətin keçənilki fəaliyyətindən söhbət gedərkən, mənə elə gəlir ki, sadəcə, iqtisadi sahəyə qapanıb qalmaq lazım deyil. Ümumiyyətlə, dövlətin həyatı çoxsahəlidir. Keçən il Azərbaycanın keçdiyi yola nəzər salsaq, görəcəyik ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması yolunda çox böyük addımlar atılıb. Azərbaycanın humanitar potensialının, müdafiə sənayesinin yüksəlməsi yolunda böyük uğurlar əldə edildi. Təhlükəsizlik baxımından Azərbaycan bir örnək ölkə olduğunu ortaya qoydu.
Bir faktı xatırladım ki, keçən il Avropa ölkələri paytaxtlarının polis rəislərinin Azərbaycanda toplantısı keçirilərkən fikir verdim, onlar müsahibə verərək Azərbaycanın təcrübəsini öyrənmək istədiklərini deyirdilər. Biz son il cəbhədə baş verən hadisələri görürük. Görürük ki, erməni azğınlığının qarşısı ən son texniki vasitələrdən istifadə edilməklə, düşmənin dərinliklərdəki mövqelərini dəqiqliklə sıradan çıxarmaqla alınır. Bütün bunların hamısını görürük və bunlar təbii ki, hökumətin keçənilki fəaliyyətinin adına yazılmalıdır.
Konkret təmsil etdiyim bölgəyə gəldikdə deməliyəm ki, Azərbaycanda keçən il üçün artım əgər 1,1 faiz olubsa, Tərtərdə 15,1 faiz olub. Bu isə regionların sosial-iqtisadi inkişaf proqramın uğurla işləməsinin göstəricisidi. Bu, cənab Prezidentin cəbhə bölgələrinə, onlardan biri olan Tərtərə qayğısının, oradakı proseslərlə dərindən maraqlanmasının göstəricisidir və buna görə də Tərtər camaatı öz təşəkkürlərini bildirirlər.
Bir məsələyə də hörmətli Siyavuş müəllim toxundu. Bəli, doğrudan da, kənd təsərrüfatında emal sənayesinə bir az başqa cür yanaşmağa ehtiyac var. Tərtərdə ən müasir standartlara cavab verən iki emal sənayesi müəssisəsi var ki, içində hər cür texniki təchizat ola-ola işləmir. Mənə elə gəlir ki, hökumət məhz bu sahəyə diqqət yetirməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov.
E.İbrahimov. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli deputatlar və hökumət üzvləri! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildəki fəaliyyəti haqqında hörmətli Artur müəllim  ətraflı məlumat verdi. Hesabat barədə təkcə onu demək kifayətdir ki, dünyada və regionda   baş verən təlatümlü iqtisadi və siyasi proseslər, ölkəmizə göstərilən  təzyiqlər  şəraitində Azərbaycanın sosial-iqtisadi inkişafı təmin edilmişdir. Bunu beynəlxalq reytinq agentlikləri və tanınmış beynəlxalq təşkilatlar da təsdiq etmişlər. Bu nailiyyətlərin əldə edilməsi isə onunla bağlıdır ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir.
Təqdim edilən hesabatın təhlili göstərir ki, ümumi iqtisadi artımın əldə edilməsi ilə yanaşı, hökumət 2015-ci ildə qeyri-neft sektorunda yeni istehsal sahələrinin yaradılması, real sektorda innovasiyaların tətbiqi, texnoparkların yaradılması, iri sənaye və kənd təsərrüfatı müəssisələrinin fəaliyyətə başlaması üçün əsaslı işlər görmüşdür. Əldə edilən nailiyyətlər deməyə əsas verir ki, çox gərgin proseslərlə müşayiət olunan 2015-ci ildə Azərbaycan hökuməti üzərinə düşən çətin vəzifənin öhdəsindən layiqincə gəlmiş, inkişafın artan dinamikası saxlanılmış, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olunmuşdur.
Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etmiş və keçən il sözün həqiqi mənasında, kənd təsərrüfatı ili olmuşdur. Belə ki, ölkəmizin tarixində ilk dəfə əsas strateji ərzaq məhsulu olan taxılın məhsuldarlığı rekord həddə çataraq hər hektardan 30,5 sentnerdən çox olmuş, kənd təsərrüfatı məhsulu istehsalçılarına verilən subsidiya və yardımların, güzəştli kreditlərin həcmi əsaslı surətdə artmış,  kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmi 6,6 faiz, bu sahədə yaranan ümumi daxili məhsul isə 7,8 faiz çoxalmışdır. Bütün bunları nəzərə alaraq mən Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı yüksək qiymətləndirir və onun qəbul edilməsini dəstəkləyirəm.
Naxçıvandan seçilən bir deputat kimi qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasına Nazirlər Kabineti tərəfindən həmişə böyük diqqət göstərilib. Mən inanıram ki, bu diqqət daha da artacaq və Naxçıvana həmişə lazım olan köməkliklər olacaqdır. 
Bununla yanaşı, aqrar sahədə həlli vacib olan bəzi məsələləri hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, son vaxtlar çovdar çörəyinə olan tələbat artmaqda davam edir. Maraqlı məqam odur ki, əsasən, Rusiyadan idxal olunmuş çovdar dəninin bir kiloqramının qiyməti keçən il  əvvəlki illərlə müqayisədə 4 dəfə artıb. Buna görə ölkəmizdə çovdar istehsalını artırmaqla idxalı azaltmaq tələb olunur.
Bildirirəm ki, respublikamızda az da olsa çovdar istehsal olunur. 2012-ci ildə ən çox – 460 ton çovdar istehsal edilmişdi. Həmin il Bərdə rayonunda hər hektardan 25,5 sentner, Füzuli rayonunda isə 48,8 sentner məhsul götürülmüşdür. Lerik rayonunun Zivand ərazisində fəaliyyət göstərən “Sədrəddin” kəndli fermer təsərrüfatının bu sahədə böyük təcrübəsi və çovdar əkinini genişləndirmək imkanı vardır. Göründüyü kimi, respublikamızın aran və dağətəyi bölgələrində bu bitkini becərmək və yüksək məhsul əldə etmək mümkündür. Bunun üçün çovdarın əkin sahəsinə buğda və çəltik bitkiləri kimi əlavə subsidiyanın verilməsi, sığorta haqqının müəyyən  hissəsinin büdcə vəsaiti hesabına ödənilən bitkilər siyahısına daxil edilməsinə hökumətin köməklik göstərməsinə ehtiyac vardır. Eyni zamanda, əkinlərə görə verilən subsidiyanın dağ və ya dəmyə zonası ilə aran və ya suvarılan zona arasında diferensiallaşması məqsədəuyğun olardı.
Hörmətli həmkarlar və hökumət üzvləri! Bugünkü müzakirəmiz çox əlamətdar bir günə – ilaxır çərşənbə olan torpaq çərşənbəsinə təsadüf edir. Bu həm də ona işarədir ki, biz ta qədimdən torpağa bağlı olmuşuq, torpağı mühafizə etmək, onu becərməklə özümüz yaşamışıq və onu nəsildən-nəsilə ötürmüşük. Hazırda respublikamızda adambaşına 19 faiz əkin yeri düşür və bu, dünyada aşağı göstərici hesab olunur. Belə bir vəziyyətdə aqrar sahədə davamlı inkişafa nail olmaq üçün hökumət kənd təsərrüfatına yararlı torpaqlarda müntəzəm olaraq monitorinqlər aparılmasını və ciddi tədbirlər görülməsini təmin etməlidir.
Cənab Prezident qeyd edib ki, keçən il “Kənd təsərrüfatı ili” olmuşdur, ancaq hesab edin ki, bu il də kənd təsərrüfatı ilidir. Hər il kənd təsərrüfatı ili olmalıdır. Ona görə belə olmalıdır ki, bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək. Gələcəyə hesablanmış  bu tarixi sözləri hər birimiz  fəaliyyətimizin əsas qayəsi kimi qəbul edərək kənd təsərrüfatına maliyyə, material-texniki resursları və sosial qayğıları əsirgəməməliyik.
Mən fürsətdən istifadə edib bütün deputat həmkarlarıma minnətdarlığımı bildirirəm ki, kənd təsərrüfatına bu qədər diqqət verirlər və bunun vacibliyini səsləndirirlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun.  Sona Əliyeva buyursun.
S.Əliyeva. Söz verdiyinizə görə sağ olun. Hörmətli sədarət, hörmətli hökumət üzvləri və hörmətli həmkarlar! Təbii ki, həmkarlarım kimi, mən də hökumətin 2015-ci ildə qarşıya qoyulan məqsədlərə çatdığını düşünürəm. Təbii ki, dünyada baş verən siyasi, iqtisadi təlatümlər fonunda sosial-iqtisadi inkişaf  müsbət saldo üzrə inkişaf edib.
Mən qısaca olaraq təmsil etdiyim 99 saylı Şəmkir kənd seçki dairəsindəki bəzi problemlərə toxunmaq istəyirəm. Keçən il “Kənd təsərrüfatı ili” elan olunmuşdu. Bununla bağlı çox tədbirlər həyata keçirilib, amma yerlərdə ən böyük problem su ilə bağlıdır. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə dəfələrlə müraciət etməyimizə baxmayaraq, rayonun Zəyəm–Cırdaxan, Düyərli, Bayramlı, Şiştəpə, İrmaşlı, Sabirkənd və Tatarlı kəndlərində içməli və suvarma  suları ilə bağlı problemlər hələ də qalmaqdadır. Həmin kəndlərdən əhalinin artıq başqa yerlərə köçməsi kimi təhlükə ilə biz qarşı-qarşıya qalırıq. Ən yaxın ərazidə yerləşən Zəyəm çayının suyu da ədalətli bölüşdürülmür. Tovuz rayonunun əhalisi bu çayın suyundan 75 faiz, Şəmkir əhalisi isə cəmi 25 faiz istifadə edir. Bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik və hələ də müsbət cavab almamışıq. Digər tərəfdən, arxların, kanalların təmir olunmaması səbəbindən su itkiyə məruz qalır və bu da insanların haqlı narazılığına səbəb olur. Güman edirəm ki, hökumət üzvləri tərəfindən bu problem nəzarətə götürülər və yaxın müddətdə öz həllini tapar.
Eyni zamanda, Azərbaycanda demoqrafik göstəricilər ildən-ilə artır və əhali yaşayış yeri üçün torpaq tələb edir. İnsanlar ev tikmək istəyirlər, amma bununla bağlı Şəmkirdə  böyük problemlər var. Ona görə ki, azyararlı kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişdirilməsi məsələsi öz həllini tapmır. Qeyd etmək istəyirəm ki, artıq bununla bağlı Şəmkir bələdiyyəsinə 2 min nəfər müraciət edib. Eyni zamanda, bununla bağlı Dəllər, Daşbulaq, Aşağı Seyfəli, Yuxarı Seyfəli, Qaracəmirli, Zəyəm–Cırdaxan, Dəllər–Cəyir, Düyərli, Qasım İsmayılov bələdiyyələrinə də əhali kütləvi surətdə müraciət edib ki, torpaq kateqoriyası dəyişdirilsin və əhali perspektiv torpaqla təmin olunsun.
Mən qazlaşdırma ilə bağlı problemi də nəzərə çatdırmaq istəyirəm. Əhalinin sayı artdıqca, təbii ki, kəndlərdə və qəsəbələrdə yeni tikililərin də sayı artır. İndi mən bir neçə kəndin adını sadalamaq istəyirəm ki, orada bir çox ailələrin fərdi yaşayış evlərinə qaz xətləri çəkilmir. Bu problem necə öz həllini tapacaq, mən bilmirəm. Məsələn, mənə bununla bağlı Qapanlı, Qaracəmirli, Tatarlı, Seyfəli, Sabirkənd, eləcə də Şəmkir şəhərinin Sərxan yaşayış massivindən yüzlərcə evin sahibi müraciət edib. Qaz çəkilişi ilə bağlı müraciətlər çoxdur. Ölkəmizdə qazlaşdırma prosesi demək olar ki, həllini tapsa da, yeni yaşayış massivlərinə qaz xəttinin çəkilməsi problemi gündəmdədir.
Eyni zamanda, mən bildirmək istəyirəm ki, rayonumuzun 210 min əhalisi var. Cənab Prezident tərəfindən 2013-cü ildə  Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan xəstəxananın tikintisi ilə bağlı Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat pul ayrılıb. Amma hələ də xəstəxananın tikintisinə başlanılmayıb. Yenə də bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etməyimizə baxmayaraq, bu məsələ həllini tapmayıb.  
Digər tərəfdən, sahibkarlığın inkişafı ilə bağlı cənab Prezident bir çox fərman və sərəncamlar imzalayıb. Buna baxmayaraq, biz yerlərdə bir sıra məmur süründürməçiliyinə məruz qalırıq. Məsələn, yeni tikililərə, eyni zamanda, məktəblərə, uşaq bağçalarına qazın verilməsi yubadılır, həmçinin Fövqəladə Hallar Nazirliyinin  Tikintiyə Nəzarət Dövlət Agentliyi və digər qurumlar tərəfindən vətəndaşlara lüzumsuz maneələr törədilir və tikintilərin aparılmasına  müxtəlif qadağalar qoyulur.
Sonda bildirmək istərdim ki, Şəmkir regional “Aqrolizinq”ə yeni texnikaların verilməsi gündəmdədir. Biz Ceyrançöl ərazisində 5 min hektara qədər əkin sahəsinin becərilməsinə başlamışıq. Amma bu sahədə də bizim köməyə ehtiyacımız var. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, 30 millət vəkili çıxış etdi, hələ 17 nəfər qalıb. Mən hesab edirəm ki, çıxış etməyən həmkarlarımız, – növbə indi İlham Məmmədovundur, ərkimiz çatdı, – çıxışlarını yazılı şəkildə katibliyə versinlər. Mən sizə söz verirəm ki, stenoqram Nazirlər Kabinetinə çatdırılacaq. Ona görə hesab edirəm, çıxışları dayandırıb münasibət bildirək, Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı nəzərə alaq. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.31 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nazirlər kabinetini təbrik edirik, çox sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Gündəliyin növbəti məsələsinə keçirik. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikası qanunu layihəsinin üçüncü oxunuşudur. Komitə sədri Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hamınız yorulmusunuz, ona görə çox qısa məlumat verəcəyəm. Lisenziyalar və icazələr haqqında qanun layihəsi ikinci oxunuşdan sonra kifayət qədər ətraflı araşdırılıb. İqtisadiyyat Nazirliyi, Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsi və bizim komitə bu qanun layihəsi üzərində ətraflı işləyib. Prezident Administrasiyası ilə gündəlik danışıqlardan sonra xeyli təkliflər nəzərə alınmışdır.
Bu təkliflər nədən ibarətdir? Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə süründürməçiliyin, bürokratiyanın aradan qaldırılması istiqamətində görülən işlər öz nəticəsini verir. Hazırda sizə təklif edilən qanun layihəsinə 32 sahə, 78 istiqamət üzrə lisenziyalar nəzərdə tutulmuşdur. Bu da əvvəlki variantdan iki qat azdır. Eyni zamanda, cənab Prezidentin Maliyyə Nəzarəti Palatasının yaradılması ilə əlaqədar olaraq imzaladığı əsasnamədə bank, sığorta, qiymətli kağızlar bazarı ilə əlaqədar olaraq lisenziyaların verilməsi səlahiyyəti bu palataya həvalə olunmuşdur. Dünən və bu gün Prezident Administrasiyası ilə danışıqlardan sonra sizə paylanılan lisenziyaların siyahısından həmin istiqamətlər də çıxır. Bununla da cəmi 23 sahə qalır, onun da cəmi 80 istiqaməti vardır.
Millət vəkillərinə məlumat vermək istəyirəm ki, qanun layihəsi Milli Məclisin komitəsində müzakirə olunan zaman 300-dən yuxarı icazə nəzərdə tutulmuşdu. Son variantda icazələrin sayı 80-ə endirilmişdir. Yəni 4 dəfədən çox azaldılmışdır. Bu icazələrin sayı sizə verilmişdir.
Milli Məclisin bu gün qəbul edəcəyi qanun, heç şübhəsiz ki, Azərbaycanda sahibkarlığın inkişafına müsbət təsir göstərəcək, çünki sözün əsl mənasında, qeyri-adi düzəlişlər etdik. Millət vəkillərinə təşəkkür edirəm, çünki onların təklifləri dəqiq idi. Redaktə xarakteri dəyişikliklər də nəzərə alınmışdır. Ziyafət müəllim, mən səmimi deyirəm, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası şöbəsinə təşəkkür edirəm ki, biz bir neçə gündür, onlarla sıx əməkdaşlıq edirik. Bu barədə mən Sizə də, Oqtay müəllimə də məlumat vermişəm. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə səs versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm, Ziyad müəllim. Qanun layihəsi üçüncü oxunuşda səsə qoyulur. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.35 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılır. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, birinci oxunuşdan sonra qanun layihəsi ilə əlaqədar olaraq Milli Məclisdə işçi qrupu yaradıldı və təkliflər diqqətlə araşdırıldı. Mən istərdim ki, millət vəkillərinin təkliflərinə konkret münasibət bildirək. Deputat Kamran Nəbizadə “TİT” modeli əsasında inşa olunan obyektin investor tərəfindən özgəninkiləşirilməsi zamanı onun aldığı investisiya təşviqi sənədinin obyektin yeni sahibinə verilməsinə, müflis olduqda tərəflərin tələblərinin həmin obyektə yönəldilməsinə aydınlıq gətirilməsi məsələsi haqlı olaraq qaldırmışdır. Bu barədə biz hörmətli Səfa müəllimlə, Prezident Administrasiyası ilə danışıqlar apardıq və bildirildi ki, qaldırılan məsələlər Mülki Məcəlləyə, “İnzibati icraat haqqında” Qanuna, “Müflisləşmə və iflas haqqında” Qanuna və digər qanunlara dəyişikliklər edilməsi yolu ilə həllini tapacaq.
Hörmətli Valeh Ələsgərov və Fərəc Quliyev 7.2-ci maddədə investor tərəfindən istehsal edilən mal və xidmətlərin müvafiq icra orqanının müəyyən etdiyi həddən artıq miqdarda satın alınması zamanı onun gəlirinin bölgüsünün aparılmasını nəzərdə tutan müddəaya iradını bildirmişdilər. Bu haqlı irad idi. İşçi qrupu bu iradı təhlil etmiş və “TİT” modeli üzrə həyata keçirilən investisiya qoyuluşları nəticəsində qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlər istisna olmaqla, digər mal və xidmətlərin dəyərinin  onların növləri, istehlakının və ya istifadəsinin miqdarı, keyfiyyəti, təhlükəsizliyi və digər meyarlar nəzərə alınmaqla tərəflərin razılığı əsasında müəyyənləşdirildiyi təsbit olunmuşdur. Həmin maddədən investorun istehsal etdiyi mal və xidmətlər müəyyən həddən artıq miqdarda satın alındıqda investorun gəlirinin tərəflər arasında bölgüsünün aparılması məsələsi, ümumiyyətlə, çıxarılmışdır. Eyni zamanda, investorun obyektində istehsal həcminin məhdudiyyətlərinin qoyulması barədə müddəa da layihədən çıxarılmışdır.
Hörmətli deputat Əli Məsimli “TİT” əsasında inşa olunan obyektlərin girov qoyulması imkanı, müqavilə müddətinin niyə 49 il müəyyənləşdirilməsi ilə bağlı haqlı sual vermişdir. Onun fikrincə, bu müddətdən sonra investorun obyekti yararsız şəkildə təhvil verməsi riski var. Mən keçən dəfə də dedim, bir sıra ölkələrdə o müddətlər müxtəlifdir. Bununla bağlı qeyd etmək istəyirəm ki, bu qanun qəbul olunduqdan sonra bir çox qanunlara, o cümlədən “Girov haqqında” Qanuna dəyişiklik ediləcək. Müddət məsələsinə gəldikdə isə deyim ki, bu, son həddir və müqavilələrin xarakterindən, istiqamətindən asılı olaraq daha qısa vaxta razılaşdırılması mümkün olacaqdır.
İnvestorun obyekti təhvil verməsi məsələsinə gəldikdə isə Əli müəllimin fikri ilə tam razıyıq. Gələcəkdə yararsız hala düşmüş obyektlərin təhvil verilməsi imkanını aradan qaldırmaq üçün 8-ci maddəyə əlavə olunacaq. Dünən razılaşdırdıq, onun təyinatı üzrə istifadəyə verilməsi təsbit olunmuşdur.
Layihə sizlərə paylandıqdan sonra işçi qrupu bu maddəyə “amortizasiya nəzərə alınmaqla” ifadəsini də əlavə edəcəkdir. Bununla da obyektin təhvil verilməsi ərəfəsində investorun onun təyinatını dəyişmək imkanları məhdudlaşdırılmış, habelə əsas fondların yalnız amortizasiya normativləri əsasında qiymətləndirilməsi şərti qoyulmuşdur. Bu şərt istismar dövründə avadanlığa səhlənkarlıqla yanaşmanın qarşısını alacaq.
Deputat Fuad Muradov haqlı olaraq müqavilə tərəflərinin, xüsusilə dövlətin investor qarşısında məsuliyyətinin gücləndirilməsi məsələsini qaldırmışdı. Bununla bağlı olaraq 10-cu maddədə “TİT” modeli üzrə maliyyələşdirilən layihələrə dövlət zəmanəti verildiyi, 9-cu maddədə isə obyekt dövlət ehtiyacları üçün geri alındıqda investorun xərclərindən əlavə əldə edəcəyi gəlirlərin kompensasiya olunması nəzərdə tutulmuşdur.
İnvestorun məsuliyyətini gücləndirmək məqsədi ilə isə 12-ci maddədə onun təşəbbüsü ilə vaxtından əvvəl xitam verildikdə səlahiyyətli orqanın həmin investisiya layihəsi üzrə investorun götürdüyü öhdəliklərə görə məsuliyyət daşımadığı göstərilir.
Sona xanımın təklifinə əsasən 3.1.5-ci maddədən “Parkların və təbiət parklarının, qoruqların” ifadələri bu layihə üzrə investisiya obyektləri qismindən çıxarılmışdır.
Hörmətli deputat Hüseynbala Mirələmovun təklifi ilə qanun layihəsinin 3.1.2-ci maddəsinə “magistral qaz kəmərləri”, “yeraltı qaz anbarları”, “şəhərdaxili qaz şəbəkələri” daxil edilmişdir.
Bütün verilən təkliflərə görə millət vəkillərinə təşəkkür edirəm. Hesab edirəm ki, bu qanun layihəsi bir müddətdən sonra dəyişikliklərə məruz qala bilər. Lakin reallıq, Azərbaycanın iqtisadi inkişafını sürətləndirmək, tikinti kompleksinə yeni həyat vermək, Azərbaycana investisiyaların təşkilində yubanmalara yol verməmək baxımından, hesab edirəm ki, kifayət qədər mükəmməl hazırlanıb. Biz gündəlik olaraq Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, sahibkarlarla mütəmadi görüşlər keçirmişik və hesab edirəm ki, millət vəkilləri bu qanun layihəsinə müsbət münasibət bildirəcəklər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, ikinci oxunuşun tələblərinə əsasən biz qanun layihəsini əsas kimi qəbul etməli, sonra müzakirəyə başlamalıyıq. Xahiş edirəm, qanun layihəsinə əsas kimi münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.43 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinin müzakirəsinə başlayırıq. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, qeyd etmək istəyirəm ki, Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında qanunun qəbulu günümüzün tələbidir. Belə ki, bir müddət əvvəl cənab Prezident İlham Əliyev bildirmişdi ki, ölkədə tikinti sektorunu ayağa qaldırmaq, inkişaf etdirmək, xarici investisiyaları cəlb etmək lazımdır. Bu baxımdan qanunun qəbulu labüddür. Qanunda obyektlərin “TİT” modelinə uyğun tikintisi, bu cür şirkətlərə güzəştlər edilməsi, dövlət zəmanəti, qanunun tətbiq dairəsi və sair kimi bir sıra mühüm müddəalar var.
Qanunla bağlı bir iradım və bir təklifim olacaq. İlkin olaraq iraddan başlayım. “Qanunun tətbiq dairəsi” adlı maddədə körpülər, tunellər, su anbarları, içməli su sistemləri, dəniz və hava limanları və sairin tikintisinə investorların cəlb edilməsi nəzərdə tutulub. Lakin qeyd etdiyim bu və ya digər sahələr strateji əhəmiyyət daşıyır və milli təhlükəsizliyimizlə bağlıdır. Məsələn, Azərbaycan hökuməti AZAL, SOCAR və dəniz limanları kimi strateji sahələrin özəlləşdirilməsinə imkan yaratmadı. Hər birimiz bunu alqışlayırıq, dəstəkləyirik. Belə olan halda qeyd etdiyim obyektlərin tikintisinin yerli və xarici investorlara həvalə edilməsi nə dərəcədə düzgündür? Xahiş edirəm, Ziyad müəllim bu suala cavab versin.
Təklifim isə istismar müddətini başa çatdırmış mənzil fondunun tikilməsi və təhvil verilməsi məsələsi ilə bağlıdır. Belə ki, qanunun 3-cü maddəsində yalnız ictimai və strateji obyektlərin investorlar tərəfindən tikintisi nəzərdə tutulur. Çox istərdim ki, burada mənzil fondunun yenilənməsi ilə bağlı müddəalar da qeyd edilsin.
Söhbət nədən gedir? Bu təcrübə bir çox ölkələrdə var. Mən bu yaxınlarda İsraildə olarkən tikinti sahəsində fəaliyyət göstərən bir şirkət rəhbəri mənə bildirdi ki, orada köhnə məhəllələrdə daha müasir mənzillər tikmək üçün dövlət bir qəpik də xərcləmir. Orada tikinti şirkətlərinə şərait yaradılır, güzəştlər verilir. Şirkət isə həmin məhəllədə köhnə binaları özü sökür, oranın sakinlərinə isə müvəqqəti yaşayış yeri verir. Yeni binalar tikildikdən sonra isə həmin sakinlər şirkət tərəfindən müasir mənzillərə köçürülür. Beləliklə, dövlət də bu yükdən azad olur.
Vaxtilə Moskva şəhərinin meri Yuri Lujkov belə bir üsulla “xruşşovka” deyilən evlərin yerində daha müasir binalar tikməklə sakinlərin yeni mənzillə təmin edilməsinə nail olmuşdu. Bildiyimə görə hökumətimiz hazırda “Xutor”, “Kubinka”, “20-ci sahə”, “Sovetski” və onun ətrafındakı küçələrdə, məhəllələrdə köhnə binaların sökülməsinə və yeni yaşayış sahələri salınmasına dair böyük proqram üzərində işləyir. Təklif edərdim ki, bütün sökülmə və köçürülmə məsələsində köhnə üsula, yəni hər kvadratmetrə görə müəyyən məbləğin verilməsi praktikasına son qoyulsun və qabaqcıl ölkələrin təcrübəsindən istifadə olunsun. Yəni investorlar cəlb edilsin və insanlar təzə mənzillərlə təmin edilsinlər. Bunun üçün də müvafiq bəndi bu qanuna sala bilirik. 
Bununla da həm dövlətin əlavə yükü azalardı, həm də sakinlərin narazılıqlarına əsas qalmazdı. Ona görə xahiş edirəm ki, qeyd etdiyim məsələlər nəzərdən keçirilsin. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Tahir Kərimli.
T.Kərimli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Mən də öz növbəmdə bayram münasibəti ilə sizi təbrik edirəm. 2-ci maddədə bir daha qeyd olunur: “tik – idarə et – təhvil ver” modeli. Mən keçən iclasda Valeh müəllimi diqqətlə dinlədim. O, alternativ, başqa bir modelin adını çəkdi. Deməli, başqa modellər də tətbiq oluna bilər. Bizim qanunvericilikdə nə üçün yalnız bu cür modellər öz əksini tapmalıdır? Mən bunu dərk edə bilmirəm. Ümumiyyətlə, istəyirəm, bu fürsətdən istifadə edərək həm “Lisenziyalar və icazələr haqqında” Qanun, həm Nazirlər Kabinetinin hesabatı, həm də digərləri haqqında ümumi bir məsələni qeyd edim.
Bilirik ki,  sosializmdə hakim ideologiyaya icazə verirdilər, qalan hər şeyi qadağan edirdilər. Amma açıq cəmiyyətdə, cənab Prezident  də dəfələrlə qeyd edib, biz liberal iqtisadiyyat qoyuruq. Qadağan  olunanı göstərirlər, qalan hər şeyə icazə verirlər. Ancaq biz yenə də əvvəlki kimi, sosializmdən doğan bir model kimi ancaq burada göstəririk ki, nəyə icazə veririk, qalan şeylər qadağandır. Bu isə mən elə hesab edirəm ki, gələcəkdə sahibkarlığa, təşəbbüskarlığa və bəlkə də əmək məhsuldarlığına çox ciddi zərər vuran cəhətlərdir.
Mən bir dəqiqə vaxtınızı alacağam. Bu hesabatın üzərində 31 qeyd aparmışam, amma deyə bilmədim. Deyək ki, burada, 246-cı səhifədə bu məsələ açıq göstərilib. Halbuki Konstitusiyanın 8-ci maddəsinə  əsasən Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Burada, açıq göstərilir ki, hakimlər, məhkəmələr cənab Prezidentin tapşırığı əsasında bu məsələləri aparır. Yəqin ki, bura bir “tövsiyə” sözü əlavə olunmalıdır. Sabah bundan əlehdarlarımız istifadə edə bilərlər.  
Ümumiyyətlə, sonuncu bir qeydimi deyim. Biz deyirik ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat. Bu hesabat Nazirlər Kabinetinin 2015-ci ildəki fəaliyyəti haqqında  hesabatdır. Mən 2015-ci ilin stenoqramını tam oxudum. İndi biri deyir, hökumətin hesabatı, biri deyir, Nazirlər Kabinetinin hesabatı, digəri isə, ümumiyyətlə, ad göstərmir ki, kimin hesabatıdır, bunun hüquqi nəticələri nədir, bu hesabat hansı konstitusion və hansı normativ akta əsasən dinlənilib, hansı hüquqi nəticələr verə bilər? Məsələn, Konstitusiyanın 95-ci maddəsinin 14-cü maddəsinə birbaşa bağlılığı yoxdur. Yəni mən demək istəyirəm ki, bir prinsip müəyyən edək.
Mən bu qanuna qayıtmaq istəyirəm. Təkliflərimi verəcəyəm. İndi ikinci oxunuşdur, “TİT”-i bəlkə Valeh müəllim daha yaxşı izah edər, mən iqtisadçı deyiləm. Bu məsələlərdə nə qadağan olunursa, onu yazaq, qalan halda vətəndaşlarımıza, sahibkarlara icazə verək ki, onlar istifadə edə bilsinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən hesab edirəm ki, normal qanun layihəsidir və mən buna səs verəcəyəm. Ziyafət müəllim, bir dəfə Oqtay müəllim Milli Məclisin tribunasından söylədi ki, Milli Məclis ali hakimiyyət orqanıdır. Bu orqanın tribunasından hər hansı bir söz deyən adam gərək onun məsuliyyətini dərk etsin. Mən indi bayıra çıxanda dedilər ki, guya deputatları hökumət seçir. Müəyyən nöqsanlar olsa da, Azərbaycanda demokratik seçkilər keçirilir və deputatları xalq seçir. Kiməsə qərəzli yanaşmaq, kiməsə yarımaq lazımdırsa, ümumən bu prosesin üstünə kölgə salmaq lazım deyil. Onsuz da bizim düşmənlərimiz deyir ki, Azərbaycanda demokratik seçkilər keçirilmir. Çox sağ olun.
Sədrlik edən. Buyurun, Valeh Ələsgərov.
V.Ələsgərov. Keçən dəfə qanun layihəsi ilə əlaqədar çox qısa çıxış etdim və təklif etdim ki, Türkiyədə gedən proseslərlə tanış olaq. Türkiyədə bu qanun layihəsi 1994-cü ildə...
Deputatlardan çox xahiş edirəm, mümkünsə, mən danışanda vəzifəmə yox, özümə hörmət edin. Ya da mən hörmətsizlik edə bilərəm. Hamınızdan üzr istəyirəm.
Türkiyədə “Bazı yatırım ve hizmetlerin yap–işlet–devret” modeli çerçevesində yaptırılması hakkında” Qanun 1994-cü ildə qəbul olunubdur. 1994-cü ildən bu günə qədər başqa qanunların qəbulu ilə əlaqədar edilən əlavə və dəyişikliklər nəticəsində bu qanun çox mükəmməl bir şəkilə düşüb. Burada səslənən bəzi iradlar ondan irəli gəlir ki, ilk dəfə qəbul olunan qanun əsas götürülüb, ancaq illər ərzində edilmiş əlavə və dəyişikliklər nəzərə alınmayıb. Bu gün artıq ikinci oxunuşa təqdim  olunan qanun layihəsində bütün bu əlavə və dəyişikliklər nəzərə alınıb və deyə bilərəm ki, çox mükəmməl bir şəkildə təqdim olunubdur.
Bu cür saziş və qanunlarla çox yaxından tanış olduğuma görə yenə də əminliklə deyirəm, mükəmməl bir qanun layihəsi hazırlanıbdır. Ancaq önəmli bir məqam bu qanunun tətbiqi ilə bağlıdır. Bu qanunun tətbiqini təmin etmək üçün Nazirlər Kabinetinin müvafiq qərarı qısa müddətdə qəbul edilməlidir ki, investorlar və sərmayəçilər kimə və necə müraciət etməli olduqlarını, ihaləni necə və hansı müddətdə keçiriləcəyini və sairəni dəqiq bilsinlər. Əminəm ki, bu qanun layihəsi qəbul olunandan sonra xüsusi sahələrə aid yeni qanunlar da qəbul olunacaqdır, çünki bütün dünyada proses belə gedir.
Misal gətirə bilərəm. Türkiyədə təməl, ana qanun 1994-cü ildə, “Yap–işlet modeli  ilə elektrik enerjisi üretim tesislerinin kurulması ve işletilmesi ilə enerji satışının düzenlenmesi hakkında” qanun isə 1997-ci ildə qəbul edilibdir. Artıq adından görünür ki, söhbət elektrik stansiyasının dövr edilməsindən deyil, elektrik stansiyasında istehsal olunan elektrik enerjisinin dövr edilməsindən gedir.
Bu qanun 1997-ci il iyulun 16-da  qəbul edilibdir. Bakanlar qurumunun bu qanunun tətbiqi ilə əlaqədar qərarı isə 1997-ci ilin avqustun 1-də verilib. Cəmi 2 həftədən sonra. Niyə? Səbəbi ondan ibarətdir ki, investor bilsinki nə ilə, necə məşğul olacaqdır. Əgər qanun 3 səhifədən ibarətdirsə, Bakanlar qurumunun bunun tətbiqi ilə əlaqədar qərarı – “Yap–işlet modeli  ilə elektrik enerjisi üretim tesislerinin qurulması ve işletilmesi ilə enerji satışının düzenlenmesi hakkında  yönetmelik” bundan həcmcə 6 dəfə böyükdür.  Bütün prosedurlar çox dəqiq izah edilibdir. Biz bu yolla getsək, əminəm ki, bu qanun və bununla əlaqədar qəbul etdiyimiz xüsusi qanunlar Azərbaycan Respublikasında yatırımların dövlət tərəfindən deyil, – çünki bəzi çıxışlarda yenə “dövlət” səslənir, – sərmayəçilər tərəfindən qoyulmasıdır. Əsas məsələ dövlətin, insanların və ictimaiyyətin tələbatını ödəmək üçün lazım olan obyektlərin inşası, işlədilməsi və gərəkli məhsulların istehsalıdır, eyni zamanda, bazarda rəqabət yaratmaqdır. Əgər biz yenə dövlətdən tələb edəcəyiksə, onda buna heç bir ehtiyac  yoxdur.
Misal gətirim, Türkiyədən öyrənə bilərik. Elektrik stansiyaları tikilir. Hər dəfə İstanbula gedəndə görürsünüz, istifadə etdiyimiz Atatürk beynəlxalq hava terminalına 20 illik işlətmə müddəti verilib.  TAV şirkəti 20 il işlədəcək, sonra dövlətə, ya da yeni ihaləni qazanan şirkətə təhvil verəcək.
Qara dəniz sahilində, İstanbulda hazırda 50 milyon sərnişinə xidmət edə biləcək yeni bir terminal tikilir. Tender keçirilib, Limak şirkəti qalib gəlib. Tikəcək, işlədəcək müəyyən vaxtdan sonra ya dövlətə, ya da yeni bir şirkətə təhvil verəcəkdir.  Yəni bu qanun qəbul olunandan sonra xüsusi sahələri əhatə edən qanunlar, müvafiq qərarlar qəbul olunacaqdır.
Azərbaycan Respublikasında infrastruktur layihələrinin dövlət hesabına yox, sərmayəçilər hesabına icrası, həyata keçirilməsi mümkün olacaqdır. Mən təklif edirəm, qanun layihəsi çox mükəmməl şəkildə hazırlandığına görə onu ikinci oxunuşda qəbul edək. Hətta əminliklə təklif edirəm ki, onu bu gün üçüncü oxunuşda da qəbul edək və qanunun həyata keçirilməsini bir az da tezləşdirək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, həqiqətən, birinci oxunuşdan sonra qanun layihəsi üzərində xeyli iş aparılıb, müasir standartlar səviyyəsinə gətirilib. Ona görə yazılan həmkarlarımdan xahiş edirəm, çıxışları dayandıraq, çünki bu gün çərşənbə axşamıdır, çərşənbə tonqalları sizi gözləyir. Tələsmirsiniz? Bəlkə səsə qoyaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qanun layihəsi 3 fəsildən ibarətdir. Xahiş edirəm, I fəsilə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.59 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, II fəsilə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 18.00 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
 
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, III fəsilə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 18.00 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli həmkarlar, Daxili Nizamnaməyə görə qanun layihəsi ikinci oxunuşda həm də bütövlükdə səsə qoyulmalıdır. Ona görə xahiş edirəm, qanun layihəsinə bütövlükdə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 18.01 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
 
Qəbul edildi, sağ olun.
Hörmətli həmkarlar, hörmətli Valeh müəllim təklif etdi ki, qanun layihəsi üçüncü oxunuşda da səsə qoyulsun. Hesab edirəm, kifayət qədər əsaslı təklifdir. Əgər etiraz  etmirsinizsə, üçüncü oxunuşda münasibət bildirək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 18.01 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 6
İştirak edir 105
Nəticə: Qəbul edildi
 
Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, bir daha sizi və bütün xalqımızı ilaxır çərşənbə və qarşıdan gələn Novruz bayramı münasibəti ilə  təbrik edirəm, hamınıza can sağlığı və bayram günlərində yaxşı istirahət arzulayıram! Sağ olun.


 
EDİLMƏMİŞ ÇIXIŞLARIN MƏTNLƏRİ

15 mart 2016-cı il
_____________________________

Tahir Kərimli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Baş Nazir, hörmətli hökumət üzvləri! Təbii ki, biz hökumətin 1 il ərzindəki fəaliyyətinə qiymət verərkən ilk növbədə, həmin dövrdə ölkə vətəndaşlarının konstitusion hüquqlarının, xüsusilə də təhlükəsiz yaşamaq hüququnun, əmək, sosial təminat, sağlamlığın qorunması, təhsil, mənzil, azad sahibkarlıq, mədəniyyət və sağlam ətraf mühitdə yaşamaq kimi məhz hökumətin sosial-iqtisadi siyasətinin əsasını təşkil edən hüquqların nə dərəcədə reallaşdırılması məsələsinə xüsusi diqqət yetirməliyik. Hesabat materiallarına əsasən demək olar ki, hökumət 2015-ci ildə bu prosesləri məqsədəuyğun şəkildə və mövcud maliyyə resurslarından səmərəli istifadə etməklə gerçəkləşdirmək planını həyata keçirə bilib. Eyni zamanda, müəyyən sahələrdə, xüsusilə də mənzil hüququnun gerçəkləşdirilməsi üçün ipoteka kreditləri sisteminin geniş tətbiqi ilə bağlı atılan addımların sürət baxımından hələ tam kifayət etmədiyini də göstərmək gərəkir. Bununla bərabər, hökumətin “ASAN xidmət”, logistika, təhlükəsiz yaşamaq, sosial təminat hüquqlarının reallaşdırılması istiqamətindəki fəaliyyətinin nəticələrini xüsusi qeyd etmək istərdim. Bu gün ölkədə fövqəladə hallarda insanların və onların əmlakının qorunmasının beynəlxalq standartlara cavab verən sisteminin qurulması, ictimai asayişin qorunmasının ətraf dövlətlərə nümunə ola biləcək təcrübəsinin formalaşması, dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması və ordu quruculuğundakı uğurlar hər bir azərbaycanlını sevindirir.
Sosial təminat hüququnun gerçəkləşdirilməsi istiqamətində hökumətin 2015-ci ildə həyata keçirdiyi 2 böyük islahat tədbirini xüsusi qeyd etmək istərdim. Bunlardan birincisi, əlilliyin müəyyən edilməsinin yeni meyarlarının tətbiqidir ki, bunun nəticəsində hər il əlilliyini yenidən təsdiq etdirmək üçün ölkənin səhiyyə və ekspertiza orqanlarına müraciət etmək məcburiyyətində olan təqribən 240 min insanın bu məşəqqətdən, demək olar ki, canı qurtarıb. Bu, həm sistemin şəffaflaşdırılması, həm də insanların rahatlığı baxımından çox böyük bir islahat tədbiri kimi qiymətləndirilməlidir.
Digər mühüm islahat tədbiri kimi ünvanlı sosial yardım sisteminin avtomatlaşdırılmasını qeyd etmək istərdim. Ölkədə bu sistemin nə qədər naqis bir hala gəldiyini, cəmiyyətdə ikrah doğurduğunu hər kəs bilir. Amma bu gün hər bir ehtiyacı olan ailə heç bir məmuru görmədən, notariusdan, ailə üzvlərindən birinin adına müraciət etmək hüququ barədə vəkalətnamə almaqla elektron bəyannaməni doldurur və VEMTAS adlanan elektron sistemə ötürərək öz mobil telefonuna sistemdən cavab gözləyir. Mən deyərdim ki, bu, artıq bu gün dünyada sosial yardım sistemlərinin ən uğurlu avtomatlaşdırılmış və 100 faizlik şəffaflıq təmin olunmuş modellərindən biridir. Mən dünən ilkin məlumat üçün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova müraciət etdim və 1 ay ərzində bu elektron xidmətə 74300 dəfə müraciət edildiyini və 15170 elektron ərizə-bəyannamə göndərildiyi barədə məlumat aldım. Əlbəttə, belə islahat tədbirləri hökumətin əsas insan hüquqlarının tam və şəffaf təmin edilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin apardığı siyasəti səmərəli şəkildə reallaşdırdığını təsdiqləyir.
Əlavə olaraq, hesabatda gəlirlərin deklarasiyası, azad ticarət zonalarının yaradılması, Şamaxı–Qonaqkənd–Quba və Ağsu aşırımı avtomobil yollarının tikintisinin başa çatdırılması, istixana, şitillik, yem bazaları, məhsulların dövlət tərəfindən müvafiq qiymətə satın alınması, tibbi sığorta və digər məsələlər haqqında müddəaların öz əksini tapmasını arzu edərdim. Diqqətinizə görə sağ olun.
Sədaqət Vəliyeva. Hörmətli həmkarlar, ötən illərdə olduğu kimi, 2015-ci ildə də Azərbaycan dinamik sosial-iqtisadi inkişafını davam etdirib, makroiqtisadi sabitlik qorunub, qlobal iqtisadi-maliyyə böhranının təsirlərinə, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkədə adekvat korreksiya siyasəti həyata keçirilib.
Çox sevindirici haldır ki, iqtisadi sarsıntılar yaşayan dünyada Azərbaycan rəhbərliyinin düzgün siyasətinin nəticəsi olaraq, “Fitch Ratings”, “Standard and Poor’s”, “Moody’s” beynəlxalq agentliklər ölkəmizin investisiya və kredit reytinqlərini yüksək qiymətləndiriblər. Eyni zamanda, “Doing Business-2016” hesabatında Azərbaycan 5 göstərici üzrə 189 ölkə arasında 40-lıqda yer alıb. Qlobal rəqabət qabiliyyətliliyinə görə isə 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb.
Bir sözlə, 2015-ci il çətin il olsa da, Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşısına qoyduğu vəzifələri uğurla reallaşdırıb, mühüm vəzifələr həyata keçirilib. Əlbəttə ki, bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyevin uğurlu şəkildə şaxələndirərək davam etdirməsi nəticəsində mümkün olmuşdur. Bütün əldə olunan nailiyyətləri nəzərə alaraq deyə bilərəm ki, 2016-cı il də böhranın təsirlərinə baxmayaraq, Azərbaycan üçün uğurlu il olacaq.
Nazirlər Kabinetinin rəhbərliyinə də öz təşəkkürümü bildirirəm ki, ötən hesabat iclasında səsləndirilmiş təklifləri nəzərə alaraq onların reallaşdırılması üçün müvafiq addımlar atıb və nəticələr də qənaətbəxş hesab edilə bilər. Lakin bununla yanaşı, bəzi məsələlərlə əlaqədar fikrimi bildirmək istərdim. Bu, təbii ki, bundan sonra da hökumət üçün prioritet olan vətəndaşlarımızın sosial rifahı və əmək fəaliyyəti ilə bağlıdır. Hazırda insanların məşğulluğu ilə ünvanlı dövlət sosial yardımı məsələsini koordinasiya etmək lazımdır. Yaxşı olardı ki, vətəndaşların əmək fəaliyyətinə daha çox cəlb edilməsinə yönələn tədbirlər həyata keçirilsin. Məsələn, ünvanlı dövlət sosial yardımın iki il ərzində verilməsi əvəzinə birdəfəlik, lakin müəyyən bir işlə məşğul olmasına dəstək olmaq daha məqsədəuyğun olardı. Balıqçının balıqartırma və satış işini, heyvandarlıqla məşğul olana bu sahədəki işini inkişaf etdirmək və sair ola bilər. Bəli, bir müddət öncə nazirlik pilot layihə həyata keçirmişdi, amma nəticəsiz qalmışdı. Bu dəfə vətəndaşın məsuliyyəti və dövlət nəzarəti altında işlər həyata keçirilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi