2017-ci il 7 aprel tarixli iclasın stenoqramı

fBEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VI SESSİYASI İCLASININ

PROTOKOLU № 38

Milli Məclisin iclas salonu.
7 aprel 2017-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 113 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 100
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Vilayət Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini.
Fazil Quliyev, Azərbaycan Respublikası daxili işlər nazirinin müavin.

*   *   *

Rüfət Aslanlı, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Publik Hüquqi Şəxsinin Direktorlar Şurasının sədri.


*   *   *

Zahir Əlizadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Təmraz Tağıyev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri.
Hümbət Hüseynov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri.
Əli Mehdiyev, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri, Novxanı bələdiyyəsi sədrinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.
2. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 21 noyabr 2013-cü il tarixli Sazişin tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında Sazişin təsdiq edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin” Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. 1997-ci il 10 iyun tarixində Almatı şəhərində imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilə”nin 5-ci Maddəsinə dəyişiklik və əlavələrin edilməsi haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında Notalar Mübadiləsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin” Birgə Bəyanatının təsdiq edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Azərbaycan Respublikasının Hökuməti ilə Venesuela Bolivar Respublikasının  Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında”  Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8.  “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Azərbaycan Respublikasının 1993-cü il 2 mart tarixli 525 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə”də  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
23. Azərbaycan Respublikasının İnzibati Xətalar  Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
24. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
29. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
30. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
31. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
33. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
34. Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
36. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
38. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
39. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
40. Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.


Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Vilayət Eyvazov, Siyavuş  Novruzov, Ziyafət Əsgərov, Tahir Kərimli, Zahid Oruc, Qənirə Paşayeva, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 21 noyabr 2013-cü il tarixli Sazişin tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

3. 1997-ci il 10 iyun tarixində Almatı şəhərində imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilə”nin 5-ci Maddəsinə dəyişiklik və əlavələrin edilməsi haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında Notalar Mübadiləsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikasının Hökuməti ilə Venesuela Bolivar Respublikasının  Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

8.  “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

9. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Aydın Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

10. “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

11. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının 1993-cü il 2 mart tarixli 525 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə”də  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

13. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

14. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

15. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

16. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

17. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

18. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

19. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

21. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

22. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 106
Nəticə: Qəbul edildi

23. Azərbaycan Respublikasının İnzibati Xətalar  Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

24. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

25. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Əli Məsimli, Qüdrət Həsənquliyev, Mahir Abbaszadə, Kamran Nəbizadə, Siyavuş Novruzov, Vahid Əhmədov, Aydın Hüseynov, Aydın Mirzəzadə, Səttar Möhbaliyev, Fuad Muradov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.49 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Ziyafət Əsgərov, Vüsal Hüseynov,  Rüfət Aslanlı, Səttar Möhbaliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.20 dəq.)
Lehinə 95
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.21 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.22 dəq.)
Lehinə 95
Əleyhinə 4
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

29. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.24 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

30. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.25 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

31. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.26 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.29 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

33. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.29 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

34. Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.30 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.32 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.34 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

37. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Rüstəm Xəlilov, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.37 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

38. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Malik Həsənov, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.41 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

39. Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Arif Rəhimzadə, Azay Quliyev, Tahir Kərimli, Qənirə Paşayeva, Kamran Bayramov, Siyavuş Novruzov

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.11 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV



MİLLİ MƏCLİSİN İCLASI

7 aprel  2017-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 100
Yetərsay 83

Çox sağ olun, yetərsay var. Bildiyiniz kimi, gündəlikdə 40 məsələ var. Bunların içərisində beynəlxalq sazişlər də var. Gündəlik hamınızda var. Xahiş edirəm, gündəliyə səs verin. 

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi. Əgər müzakirələrə ehtiyac varsa, xahiş edirəm, yazılın. Buyursun Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr.  İndi gündəliyə səs verdik və gündəlik qəbul olundu. Qeyd etmək istəyirəm ki, son günlər  Azərbaycanı narahat edən bir məsələ var. O da Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunması ilə əlaqədar Rusiya Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciəti ilə  bağlıdır. Hesab edirəm ki, burada müəyyən qüvvələr iki dövlət arasında olan strateji əməkdaşlığa, dostluq münasibətlərinə  xələl gətirmək istəyirlər.
Konqres daim Rusiya dövlətinin  ən çətin anlarında onunla bir yerdə olub, fəaliyyət göstəribdir. Rusiya  ayrı-ayrı dövlətlər tərəfindən iqtisadi blokadaya alınanda Azərbaycan  ciddi təzyiq və təsirlərə baxmayaraq həmişə  müttəfiqlik, belə deyək, strateji tərəfdaşlıq mövqeyindən geri çəkilməyibdir.
Bilirsiniz ki, Azərbaycanda 300-dən artıq rus məktəbi, ayrı-ayrı universitetlərin filialları fəaliyyət göstərir. Yəni Azərbaycan həmişə bu məsələyə diqqətlə, həssas yanaşıbdır. Söhbət təkcə Rusiyadan getmir, Azərbaycan Ermənistanı çıxmaq şərti ilə digər qonşuları ilə də həmişə bu cür münasibəti saxlamağın  tərəfdarı olubdur. Cənab Prezident də  bu siyasəti həmişə yürüdübdür.
Hesab edirik ki, bu gün belə bir məsələnin ortaya atılması, hansısa qüvvələrin  məsələləri qızışdırması hər iki ölkənin  vətəndaşları arasında narazılığa səbəb olur. Biz güman edirik ki, bizim dostluq qrupu, həmçinin digər insanlar müraciət etməlidir ki, bu məsələ öz  müsbət həllini tapsın və  münasibətləri korlamaq istəyən insanlar başa düşsünlər ki, Azərbaycan–Rusiya münasibətləri  həmişə yüksələn xətlə inkişaf edibdir. Azərbaycan regionda əhəmiyyətli rol oynayır. Rusiya–İran–Türkiyə münasibətlərində Azərbaycan xüsusi rol oynayır. Türkiyə–Rusiya münasibətlərində Azərbaycan Prezidentinə xüsusi təşəkkür bildirilib ki, bu işin öz həllini tapmasında xüsusi rol oynayıbdır. Bundan sonra kiçik bir məsələ ilə Azərbaycanla Rusiya arasında hər hansı bir  narazılıq yaratmaq lazım deyil. 
Sədrlik edən. Çox sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, mən birinci növbədə hörmətli həmkarım Siyavuş Novruzovun mövqeyini müdafiə edirəm və düşünürəm ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatı ilə bağlı məsələnin bu şəkildə qoyulması iki dövlət arasındakı münasibətlərin strateji xarakterinə uyğun deyil. Azərbaycanda rus icmasına göstərilən münasibətə adekvat deyil və sair. O üzdən çox ümidvaram ki,  bu çağırışlar  Rusiyanın siyasi elitasına çatacaq və bu məsələ ən qısa bir zamanda həllini tapacaqdır.
İkinci, bilirsiniz ki, 28 martda Gürcüstan–Avropa Birliyi münasibətlərində  yeni bir dönəm başladı. Nəhayət, vətəndaşlar üçün vizasız gedişə  icazə verildi. İki gün öncə də Ukrayna ilə bağlı oxşar qərarın şahidi olduq.
Əlbəttə, hər bir ölkənin fərqli xarici siyasət hədəfləri, beynəlxalq təşkilatlarla qurmaq istədiyi münasibətlərin özəlliyi, spesifikası var. Buna hər kəs  qatılır. Bununla bərabər, ötən illər ərzində, yəni 2009-cu ildən başlayaraq Azərbaycan yaxın qonşuluq siyasətinin ən mühüm tərəfdaşlarından, üzvlərindən biri olub. Bizim Avropa ilə assosiativ üzvlük və ya digər çərçivədə əlaqələrimizə baxmayaraq, Azərbaycan ötən illər ərzində Avropanın ən yaxın siyasi, hüquqi, iqtisadi tərəfdaşı olub.  Azərbaycanla bağlı viza məsələlərini  hər bir xarici ölkə  vətəndaşı cəmi iki saat ərzində internet resursları üzərindən həyata keçirə bilər. Amma əvəzində Azərbaycan vətəndaşları Avropa Birliyi arealına, Şengen zonasına daxil olmaq üçün çox sərt prosedurlardan keçməli olur.
Əvvəla, orada bir sıra hallarda əsassız imtina baş verir. İkincisi, o halda ödənişlər batmış olur. Bilet məsələsindən tutmuş, otel, sığorta, bankda pul qoyulması və sair yenə də vətəndaşlarımızın üzərində qalmaqdadır.
Azərbaycan ötən dövr ərzində  Avropaya bu arealda ən yaxın tərəfdaşlıq münasibətini göstərərkən regional maraqlarını, beynəlxalq maraqlarını da unutmayıbdır. Qərb təşkilatlarının, Avropa Birliyinin əgər gerçəkdən  istəyi varsa ki, Azərbaycan vətəndaşı Avropa dəyərlərinə daha yaxından qovuşsun, onda qapılarını bizim üçün açmalıdır. Viza rejimini hər hansı şərtlərə, geopolitik maraqlara baxmadan ləğv eləmək lazımdır. Mən düşünürəm ki, parlamentdə Azərbaycan insanının rəyini ifadə edən hər kəs bu mövqedədir. Mən çox ümid edirəm ki, dediyimiz məsələlər reallaşacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Bu günlərdə Azərbaycan xalqı bir il bundan əvvəl aprelin 2-si ilə 5-i arasında Ermənistan–Azərbaycan cəbhə xəttində  baş vermiş məşhur aprel hadisələrinin bir illiyini qeyd etdi. Bu birillik Azərbaycan xalqı üçün bir daha hadisələrin nə dərəcədə Dağlıq Qarabağ probleminin həllinə ciddi təsir edəcəyini bir daha göstərdi. Həmin birillik ərəfəsində Ali Baş Komandan cənab  İlham Əliyevi silahlı qüvvələrin həmin döyüşlərdə iştirak etmiş nümayəndələri ilə görüşdə bildirdi ki, aprel döyüşləri Azərbaycanın hərb tarixinə yazılmalıdır.
Doğrudan da, aprel döyüşləri Ermənistanın qəhrəmanlıq, qalibiyyət mifini dağıtdı, Azərbaycan dövlətçiliyinin Ermənistan dövlətçiliyindən qat-qat üstün olduğunu, apardığı siyasətin düzgünlüyünü və ərazi bütövlüyünün təmin edilməsində qətiyyətini bir daha göstərdi. Azərbaycan əsgəri qəhrəmancasına döyüşdü.  Şəhid olanlar özlərinin qanları,  həyatı hesabına Azərbaycan bayrağını strateji yüksəkliklərdə qaldırdılar. Deputat həmkarlarım  aprel döyüşlərində şəhid olanların yas mərasimində iştirak etdilər və söhbətlərdə dövlətin həm şəhid ailələrinə, həm də həmin dövrdə yaralananlara qayğı göstərdiyini və bütün sosial məsələlərə diqqət yetirdiyini bildirdilər.
Aprel hadisələri Azərbaycan əsgərinin qəhrəman, igid olduğunu göstərdi. Amma hesab edirəm ki, ən böyük qəhrəman Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Məhz onun apardığı dövlətçilik və hərbi quruculuq siyasəti Azərbaycanın ağrılı məsələsi olan Dağlıq Qarabağ probleminin həllində tamamilə yeni bir səhifə  açdı. Həmin hadisələr Ermənistan üçün, Ermənistanı müdafiə edən beynəlxalq dairələr üçün ciddi bir dərs olmalıdır. Hamı bilməlidir ki, Azərbaycan bir qarış torpağını da heç kəsə güzəştə getmək fikrində deyil. Apardığımız bütün siyasət, atdığımız bütün addımlar ilk növbədə ərazi bütövlüyümüzün təmin edilməsi, işğalda olan torpaqlarımızın azad olunması istiqamətinə yönəlib. Biz bunu edəcəyik. Cənab Prezidentimizin siyasəti ilə, xalqımızın cənab Prezidenti dəstəkləməsi ilə, ən əsası isə tarixi ədalətin nə vaxtsa bərpa ediləcəyi həqiqəti ilə torpaqlarımız mütləq işğaldan azad ediləcəkdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Sağ olun. Hörmətli Sədr, mən də Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması üçün məhkəməyə müraciət etməsi məsələsinə toxunmaq istərdim. Bu xəbər digər həmkarlarım kimi məni də həm təəccübləndirdi, həm də narahat etdi.
Bildiyiniz kimi, 2000-ci ilin 22 iyununda yaradılan ÜAK ümummilli liderimiz Heydər Əliyevin yetirməsidir. Heydər Əliyev hətta bir dəfə ÜAK-ın qurultayında Rusiya Prezidenti Vladimir Putinlə birgə iştirak edərək onu hər mənada dəstəkləyib. Keçən 17 il ərzində ÜAK Rusiyanın ən güclü və ən şaxələnmiş təşkilatlarından birinə çevrilib. Onun tərkibində 74 regional təşkilat, 100 minlərcə üzv var. Konqres Rusiya Federasiyasının Prezidenti Putinin təşəbbüsü ilə yaradılmış Xalq Cəbhəsinin tərkibinə daxildir. O həmişə Rusiya Prezidentinin siyasətini dəstəkləyib. Seçkilərdə “Vahid Rusiya” Partiyası ilə əlaqəli şəkildə hərəkət edir. Rusiya ərazisində yüzlərlə xeyriyyə layihələri həyata keçirib. Məbədlərin, məktəblərin, xəstəxanaların bərpası, az təminatlı ailələrə yardım və sair. ÜAK-ın xeyirxah əməllərini saymaqla bitməz. 
Guya hansısa sənədləşdirmədə yol verilən texniki problemlərə görə kim isə belə bir ciddi təşkilatı məhv etmək istəyir. Bu, yolverilməzdi. Qeyd etmək istəyirəm ki, Rusiyada yüzlərcə erməni QHT-si fəaliyyət göstərir. Bu yaxınlarda Arxangelskdə, ada fikir verin, “Большая Армения” təşkilatı peyda olub. Yenə də ada diqqət verin, Moskvanın tam mərkəzində Ermənistan kilsəsinin “Российская и Ново-Нахичеванская епархия святой армянской апостольской православной церкви” adında yeparxiyası fəaliyyət göstətir. Yenə də “Ново-Нахичеванский” adını çıxarmayıblar. Bütün bu təşkilatlar ermənilərin Türkiyə, İran və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən xəritə, kitab və ədəbiyyatı yaymaqla məşğuldurlar. Mən özüm şəxsən bax, o kilsənin yanında belə ədəbiyyatın satıldığının şahidi olmuşam. Bütün bu qanunsuz əməllərə Rusiya dövlət orqanları nədənsə göz yumurlar.
Amma ən hörmətli və Rusiya hökumətinə ən loyal bir təşkilatı Ədliyyə Nazirliyi bağlamaq qərarına gəlib. Əminəm ki, burada da erməni izi var və məsələ heç də texniki səhvlərdə deyil. Bir deputa, Azərbaycan–Rusiya parlamentlərarası dostluq qrupunun üzvü kimi, Rusiyanın aparıcı KİV-lərində 15 il çalışan bir insan kimi bu yüksək tribunadan Rusiyadakı dostlarıma və həmkarlarıma – Sergey Markova, Leonid Slutskiyə, Oksana Puşkinaya, Dmitri Savelyevə, Rusiyanın siyasi elitasında böyük nüfuzu olan TASS-ın Baş direktorunun 1-ci müavini, ÜAK sədrinin müavinlərindən biri olan Mixail Qusmana, “Литературная газета”nın baş redaktoru,  dostumuz, tanınmış yazıçı Yuri Polyakova və Azərbaycanın həqiqi dostu olan hər kəsə səslənirəm ki, bizim ümumi maraqlarımızı qorusunlar. 
Sədrlik edən. Çox sağ olun. Mixail Zabelin.
M.Zabelin. Спасибо, господин председатель! Уважаемые депутаты, то, что озвучила Эльмира Ахундова и Сиявуш муеллим, не может не беспокоить нас, русских, проживающих здесь в Азербайджане, русскую диаспору, ее организацию “Русская Oбщина”. На протяжении многих лет русская диаспора Азербайджана в лице организации “Русская Oбщина” и азербайджанская диаспора России в лице организации Всероссийский Азербайджанский Конгресс тесно сотрудничают в различных областях, поэтому нам очень хорошо известна ситуация, сложившаяся вокруг Всероссийского Азербайджанского Конгресса.
Я не могу не сказать о том, что в Азербайджане оказывается всемерная поддержка сохранению русской культуры, русского языка, традиций русского народа, а мультикультурализм стал государственной политикой Азербайджана. И это происходит не в угоду какихлибо государств – это образ жизни, это состояние души азербайджанского общества, азербайджанского народа. Мы это очень ценим.
Я хочу сегодня выразить глубокую благодарность руководству республики, Президенту Азербайджана Ильхаму Гейдаровичу Алиеву, Азербайджану, всему народу за искреннее, доброжелательное отношение к нациям и народностям, населяющим Азербайджан. Мы все прекрасно знаем и сегодня об этом говорилось, что сохранены все школы с русским языком обучения. Более 16 тысяч студентов обучаются в высших учебных заведениях Азербайджана на факультетах  с русским языком обучения. Это все прекрасно и это все ценит азербайджанское общество и русская диаспора в Азербайджане. К сожалению, не всем это нравится, не всем это по душе и в том числе активная деятельность Всероссийского Азербайджанского Конгресса. Определенные деструктивные силы, пытающиеся дестабилизировать общественно-политическую ситуацию в России и общественно-политическое спокойствие в Азербайджане, используя некоторые упущения в деятельности Конгресса, стараются оказать негативное влияние на развивающиеся межгосударственные отношения Азербайджана и России.
Русская община опубликовала свое заявление по данному вопросу, направила в поддержку ВАК в соответствующие органы Российской Федерации свое заявление, которое было опубликовано в печати. Я говорил непосредственно с депутатами Государственной Думы, я говорил с Савельевым Дмитрием Ивановичем. Наше заявление было направлено и в МИД Российской Федерации, и в посольство Российкой Федерации, и в другие государственные структуры. Мы за последнюю неделю очень тесно общаемся с Фазилем Курбановым, президентом Всероссийского Азербайджанского  Конгресса. На 11 апреля  назначено заседание Верховного Суда.
Sədrlik edən. Vaxt verin bir dəqiqə.
M.Zabelin. На этом заседании Верховного Суда будут рассмотрены возражения Конгресса на административное исковое заявление Министерства Юстиции Российской Федерации. Как показывает последнее общение с ВАК и некоторыми органами России, я уверен, что заявление Министерства Юстиции Российской Федерации не пройдет в Верховном  Суде и правда будет на стороне Всероссийского Азербайджанского Конгресса. Я уверен, что нормальные силы в России придут к тому, что Всероссийский Азербайджанский Конгресс продолжит свою деятельность. Спасибо.
Sədrlik edən. Михаил Юрьевич, мы тоже желаем, чтобы ненормальные силы не одолели нормальные силы в России. Но самая большая община на Южном Кавказе – это русская община в Азербайджане. У вас есть все права. Пожалуйста, напишите одно письмо в Министерство Юстиции Российской Федерации, объясните, как относятся к русской общине в Азербайджане. Пусть поймут, нельзя так предвзято относиться к Азербайджану.
M.Zabelin. Это заявление было опубликовано в печати Азербайджана, так что, я думаю, к нашему мнению тоже прислушаются. Спасибо.
Sədrlik edən. То есть в Министерство Юстиции Российской Федерации тоже отправили?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov. Çox hörmətli Oqtay müəllim, hörmətli həmkarlar! Ümumrusiya Azərbaycanlıları Konqresi ətrafında baş verən hadisələr məni də həm bir millət vəkili, həm də uzun illər Rusiyada yaşamış bir şəxs kimi son dərəcə narahat edir. Burada qeyd olunduğu kimi, Ümumrusiya Azərbaycanlıları Konqresində Rusiyada yaşayan soydaşlarımızın ən parlaq nümayəndələri təmsil olunub.
İstərdim, təkcə bir faktı nəzərinizə çatdırım. Rusiya Elmlər Akademiyasının 3 həqiqi üzvü və iki müxbir üzvü bu gün bizim konqresdə təmsil olunublar. Rusiyanın aparıcı ali məktəblərinin rektorları,  tanınmış səhiyyə, mədəniyyət, incəsənət mərkəzlərinin və müəssisələrinin rəhbərləri bu konqresdə təmsil olunublar. Bu konqresi qeydiyyatdan keçirməmək, mənə belə gəlir ki,  Rusiya cəmiyyətində böyük nüfuz qazanmış insanlara qarşı yönəlmiş bir aktdır, bir tədbirdir. Bu təxribat xarakterli  qeydiyyat məsələsini ortaya atan insanlar  Azərbaycana qarşı düşmən mövqedə olan insanlardır və bu,  Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin və əlaqələrinin inkişafına  yönəlmiş bir zərbədir.
Bu gün Azərbaycanda  Rusiyanın iki aparıcı universitetinin – Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları fəaliyyət göstərir. Müxtəlif sahələrdə çalışan 7 nəfər mütəxəssis son illərdə Rusiya Elmlər Akademiyasının xarici üzvü seçiliblər. Əlaqələrimizin bu cür inkişaf etdiyi bir dövrdə belə bir məsələnin ortaya atılması  böyük təxribatdır. Mənə elə gəlir ki, bununla əlaqədar olaraq Rusiyanın dövlət rəhbərləri, Rusiyada yaşayan insanlar ciddi düşünməli və ciddi qərar verməlidirlər. Həmişə Azərbaycan–Rusiya münasibətlərinə dəyər verən  Rusiya Federasiyasının dövlət rəhbərləri  bu məsələyə öz münasibətini bildirməli və Ümumrusiya Azərbaycanlıları Konqresinin qorunub saxlanması üçün öz təsirli sözünü deməlidirlər.  
Sədrlik edən. Sağ olun. Əli Hüseynli dostluq qrupunun rəhbəridir. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Sədr,  təşəkkür edirəm ki,  gündəliyin gərgin olmasına baxmayaraq, millət vəkillərimizi, eyni zamanda, ictimaiyyətimizi narahat edən bu məsələnin müzakirəsini aparmağa imkan yaratdınız. Cənab Sədr, mən həm dostluq qrupunun rəhbəri, həm də bir hüquqşünas kimi bu məsələyə münasibət bildirəcəyəm, hörmətli həmkarlarımızı bir sıra məsələlərlə bağlı məlumatlandıracağam. Ona görə vaxtdan bir qədər sui-istifadə etsəm, üzrlü hesab edin.
Hörmətli həmkarlarım da qeyd elədilər ki, Ümumrusiya Azərbaycanlıları Konqresi  ulu öndər Heydər Əliyev və  Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradıldı. Bu gün o, Rusiyada  Azərbaycan diasporunun ən yaxşı nümayəndələrini özündə birləşdirən və real fəaliyyət göstərən bir qurumdur. Bu illər ərzində konqres təkcə Azərbaycan diasporu kimi  fəaliyyət göstərməyib, həm də Rusiyanın dövlət maraqlarının müdafiəçisi kimi də çıxış edib. Bu, Ümumrusiya Azərbaycanlıları Konqresini səciyyələndirən xüsusi bir haldır.
Eyni zamanda, son illər Azərbaycan–Rusiya münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir, bütün sahələrdə əməkdaşlıq və dostluq münasibəti mövcuddur. Qeyd etmək istəyirəm ki, bu əməkdaşlıq səmimi xarakter daşıyır. Məhz bu baxımdan konqresin fəaliyyəti ilə bağlı Rusiya Ədliyyə Nazirliyinin müraciəti təəccüb doğurur. Eyni zamanda, mən həmkarlarımla razıyam, biz bunu təxribat  kimi qiymətləndiririk. Niyə? Bunu hüquqi faktlarla izah etmək istəyirəm.
Həqiqətən də, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi konqresin  nizamnaməsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib. Bu, Rusiyanın qeydiyyatla bağlı qanununda mövcuddur və bunu da ediblər. Sonuncu  müraciət 2016-cı ilin oktyabr ayında olmuşdur. Yəni üçüncü dəfə müraciət edilmişdir.
Amma bilirsiniz ki, keçən ilin dekabr ayında, yəni müraciətdən sonra konqresin növbəti qurultayı keçirilmişdir. Çox tanınmış bir diaspor nümayəndəsi Fazil Qurbanov onun yeni prezidenti seçilmişdir. Elə həmin andan sənədlərin qaydaya salınması, Ədliyyə Nazirliyinin qeyd etdiyi nöqsanların aradan qaldırılması üçün işlər görülmüş və nazirliyə yeni sənədlər təqdim olunmuşdur. Təəssüflər olsun ki, buna baxmayaraq,  Ədliyyə Nazirliyi bu ilin mart ayında birliyin və onun bütün struktur qurumlarının vahid dövlət reyestrindən çıxarılması, yəni onun ləğv olunması ilə bağlı Rusiya Ali Məhkəməsinə müraciət etmişdir. Bu federal qurum olduğuna görə birbaşa Rusiya Ali Məhkəməsinə göndərilmişdir.
Amma Rusiyanın qanunvericiliyi  belə vəziyyətdə bir neçə tədbirin görülməsini özündə ehtiva edir. Birincisi, hər hansı bir düzəlişin edilməsi ilə bağlı təklif. Bunu, qeyd etdim, konqres bu məsələləri həll etməyə başlamışdı. İkincisi, cərimənin tətbiq olunmasıdır. Təşkilatın ləğv olunması  ən son tədbirdir. Ona görə bizdə sual yaranır ki, nə üçün bu halları keçərək də həmkarlarımın qeyd etdikləri kimi Azərbaycan–Rusiya dostluq münasibətlərində körpü rolu oynayan belə bir konqresin birbaşa ləğvi ilə bağlı müraciət olunmuşdur? Bax, bu bizdə ciddi narahatlıq yaradır.
Mən bunu nə üçün söylədim? Bizim Rusiyadan olan bir sıra ekspertlərimiz, hətta bəzi soydaşlarımız bu məsələni siyasiləşdirməməyi, ona hüquqi çərçivədə baxmağı tövsiyə edirlər. Biz də onlara tövsiyə edirik ki, Rusiya qanunvericiliyinə,  təcrübəyə bir də diqqətlə baxsınlar. Bizim də qanunvericilikdə bu cür hallar var. Mən istəmirəm, ad çəkəm, amma araşdırsaq, rus icmasının  sənədlərində də müəyyən nöqsanlar mövcuddur. Ədliyyə Nazirliyi əməkdaşlıq edir, amma heç zaman heç bir təşkilatın ləğv olunması ilə bağlı Azərbaycanda məsələ qaldırılmır. Yəni bu hüquq ən son halda tətbiq olunmalıdır.
Hörmətli həmkarlar, mən həm əminəm, həm də ümidvaram ki, Rusiyanın Ali Məhkəməsinin İnzibati Kollegiyası Avropa İnsan Hüquqları Konvensiyasını, fundamental birləşmə hüququnun nə qədər vacib olduğunu üstün tutacaq və Ədliyyə Nazirliyinin bu müraciətini rədd edəcək. Rusiya ictimaiyyəti bilməlidir ki, bu, bir tərəfdən hüquqi  məsələ olsa da, bizi çox narahat edir. Bunun bizim münasibətlərimiz üçün ciddi siyasi əhəmiyyəti var.
Sonda, Oqtay müəllim, əgər etiraz etmirsinizsə, biz dostluq qrupu adından hüquqi izahatlarla bağlı həm Rusiyanın Ali Məhkəməsinə, həm də Rusiya Ədliyyə Nazirliyinə  müraciətlər edək. Sağ olun.
Sədrlik edən. Lazımdır, müraciətləri eləyin, bilinsin. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Təbii ki, Ümumrusiya Azərbaycanlıları Konqresi ilə bağlı baş verən hadisələr hər bir millət vəkili kimi, məni də narahat edir. Qeyd edim ki, biz artıq Rusiyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına müraciət ünvanlamağa başlamışıq. Təbii ki, onlar da bu məsələdə öz mövqeyini ortaya qoymalıdırlar.
Mən qeyd edim ki, hörmətli Əli müəllim prosedur qaydaları ilə bağlı açıqlama verdi. Rusiyada Ədliyyə Nazirliyinin özünün qəbul etdiyi qaydalara bir daha baxması, təbii ki, olduqca vacibdir. Çünki ən pisdən və ən sondan başlamaq Azərbaycan–Rusiya  münasibətlərinin pisləşməsinə və gərginləşməsinə gətirib çıxara bilər.
Qeyd olunduğu kimi, bu konqresin bünövrəsi ulu öndər tərəfindən qoyulub. Onun yaranmasında Rusiya Prezidenti Vladimir Putinin və ulu öndərin iştirakı  göstərir ki, bu məsələdə ulu öndərin özünün xüsusi marağı olub. Bu, təbii ki, Rusiyada yaşayan azərbaycanlıların problemlərinin həlli, Azərbaycan həqiqətlərinin dünyaya və Rusiyaya çatdırılması, Rusiya və Azərbaycan arasında dostluq və mədəni əlaqələrin inkişaf etdirilməsi və  mədəniyyətlərarası dialoqun və tərəfdaşlığın formalaşmasından irəli gələn bir təklif idi,  reallaşdı.
Amma çox təəssüf, bu prosedurları izlədikcə görürük ki, orada müəyyən maraqlar  və  qərəzlilik var. Heç də qanunun aliliyi burada tətbiq edilmir. Biz təbii ki, burada  erməni diasporunun, ermənilərin marağını hiss edirik və bunu açıqlayırıq. Amma bizim üçün maraqlı olan budur ki, nəyə görə Rusiyanın dövlət qurumları  bu cür çirkin oyunların içərisinə düşüblər və  belə  böyük bir konqresin ləğvində  maraqlıdırlar? Biz ümid edirik ki, Ali Məhkəmə bu məsələyə baxarkən ədalətli qərar qəbul edəcək və yaxud da sənədlərdə hansısa məsələnin həlli üçün müəyyən vaxt verəcək. Amma bütün hallarda məsələnin bu yerə gəlib çatması, təbii ki, bizi narahat edir.
Bir məsələni də qeyd edim. Azərbaycan hökumətinin  rus icmasına, rus xalqına olan münasibətinin təzahürüdür ki, bu gün ölkədə 350-dən çox məktəbdə rus dili tədris olunur. Azərbaycanda ali məktəblərin demək olar ki, hamısında rus dili  bölmələri var və burada 16 mindən yuxarı insan təhsil alır.
Mən bir daha qeyd etmək istəyirəm ki, bizim çoxəsrlik dostluq ənənələrimizin, ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün konqresin əhəmiyyəti olduqca vacibdir. Ümid etmək istəyirəm ki, bu konqres yaşayacaq və Ədliyyə Nazirliyinin iddiası rədd edilərək onun sənədləşməsi ilə bağlı müəyyən prosedurların həll olunması üçün vaxt veriləcək. Əks halda biz dövlət olaraq öz sözümüzü...
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm, müzakirəni bitirmək lazımdır, ancaq növbədə Azay Quliyev var. Qeyri-hökumət təşkilatlarının rəhbəridir, ona da söz verək, sonra yekunlaşdıraq. Buyurun.
A.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Haqqında müzakirə apardığımız məsələ, yəni Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı Rusiya Federasiyası Ədliyyə Nazirliyinin məhkəməyə müraciəti sadə bir məsələ deyil, burada hörmətli həmkarlarımız da narahatlıqlarını ifadə etdilər. Bu, bir qeyri-hökumət təşkilatının statusunun ləğvi, yaxud da hər hansı bir qurumun fəaliyyətinin dayandırılması ilə məhdudlaşan məsələ deyil.
Hesab edirəm ki, burada deyilən fikirlər ciddi şəkildə Rusiya tərəfinə çatdırılmalıdır. Bu gün konqres Rusiya–Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsində böyük bir qüvvəyə malikdir, bir növ bu dostluğun stimuluna çevrilibdir. Ona görə də ümid edirik ki, rusiyalı həmkarlarımız bu reallığı nəzərə alacaqlar. Bu hamımızı narahat edir, çünki bütün ziyalıların bu konqres ətrafında birləşərək  Azərbaycan–Rusiya  əlaqələrinə töhfə verməsi baxımından gördüyü işlər göz qabağındadır.
Son 16 ildə hər iki ölkənin prezidentləri tərəfindən bu quruma etimad göstərilib və bu qurumun fəaliyyəti təqdir olunub. Ona görə də biz düşünürük ki, belə deyək, bu siyasi təxribat xarakterli məsələ öz hədəfinə çatmayacaq və bu problem qanunvericilik səviyyəsində  həllini tapacaqdır. Buna görə də biz bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olaraq Rusiya Prezidentinin yanında fəaliyyət göstərən İctimai Palataya müraciət hazırlamışıq. Bu müraciət bu gün İctimai Palataya təqdim olunacaq, çünki onun funksiyalarından biri də budur ki, Rusiya Federasiyasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına və ictimai birliklərə dəstək versin.
İctimai Palatanın çox nüfuzlu üzvləri var. Onlar ictimai-siyasi həyatda çox fəaldırlar və Ümumrusiya Azərbaycanlıları Konqresi ilə çox yaxından əməkdaşlıq edirlər. Düşünürəm ki, onlar öz imkanlarından, nüfuzlarından istifadə edərək, bu məsələdə fəal rol oynayacaqlar və Ali Məhkəməni doğru, dürüst, ədalətli qərar qəbul etməsinə təsir göstərəcəklər. Rusiya İctimai Palatası yəqin ki, aprelin 11-də keçirilən ilk  iclasla  bağlı  Ali  Məhkəməyə  müəyyən  sorğular  göndərəcək. Bununla bağlı bizim artıq ilkin müzakirələrimiz var. Düşünürəm ki, bu proses bütövlükdə Azərbaycan–Rusiya  münasibətlərinə xələl gəlmədən müsbət şəkildə yekunlaşacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.   
Sədrlik edən. Sağ olun. Gündəlikdəki məsələlərin müzakirəsinə keçirik. Gündəliyin birinci məsələsi İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqındadır. Çox vaxtında sanballı bir sənəd təqdim olunub. Daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazova söz verirəm. Buyurun.
V.Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, insan alveri əksər dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən ciddi transmilli təhdidlərdən biri olaraq qəbul edilir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş milli fəaliyyət planları əsasında 2004-cü ildən etibarən həyata keçirilən sistemli tədbirlər sayəsində həmin hüquqazidd əməllərin profilaktikasında və cinayət təqibi üzrə fəaliyyətdə müsbət nəticələr əldə edilmiş və hörmətli millət vəkilləri, sizinlə birgə bir çox vacib məsələlərin həllinə nail olunmuşdur.
Ötən dövrdə xarici ölkələrin mütərəqqi iş prinsipi və ixtisaslaşmış beynəlxalq təşkilatların rəyi nəzərə alınmaqla 80-ə yaxın qanunvericilik aktı və digər normativ sənədlər qəbul edilmişdir. Üçüncü Milli Fəaliyyət Planının icra edildiyi 2014–2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 20 layihə maliyyələşdirilmiş və bu məqsəd üçün 182 min manat vəsait ayrılmışdır.
İnsan alverinin doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması ilə bağlı respublikanın bütün şəhər və rayonlarında yüzlərlə maarifləndirici tədbir, treninq və seminarlar təşkil edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 399 müvafiq cinayət müəyyən olunmuş, 58 nəfərdən ibarət 26 cinayətkar qrup zərərsizləşdirilmişdir. Bu əməllərə görə 102 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, insan alverinin qurbanı olan 187 şəxsin cəmiyyətə reinteqrasiyası təmin olunmuşdur. Profilaktik tədbirlər çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 558 cinayət faktı aşkarlanaraq 332 nəfər məsuliyyətə cəlb edilmişdir.
Hörmətli millət vəkilləri, müvafiq təşkilati praktik tədbirlər Baş Prokurorluq, Ombudsman Aparatı, Təhsil, Ədliyyə, Səhiyyə, Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları və yerli icra hakimiyyəti orqanları ilə sıx qarşılıqlı əlaqədə hesabat dövründə də planlı surətdə davam etmişdir.
İlk növbədə diqqətə çatdırım ki, insan alverinə qarşı mübarizədə iştirak edən dövlət orqanlarının və xarici tərəfdaşların təklifləri nəzərə alınaraq qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı qaldırılmış vəsadətlər təmin olunmuşdur. Belə ki, qurbanlara düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddətinin verilməsi barədə Cinayət Prosessual Məcəlləsinə yeni maddə, “Telekommunikasiya haqqında” Qanuna isə operator və provayderlərin uşaqların internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək vəzifəsinə dair müddəa əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qurbanların sosial reabilitasiyası üzrə tədbirlər görmək, yardım mərkəzləri yaratmaq və onların fəaliyyətinə nəzarəti həyata keçirmək səlahiyyəti müəyyən edilmişdir.
Bununla yanaşı, cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı, eləcə də insan alveri  qurbanları xidmətindən istifadə etməyə görə hüquqi məsuliyyət nəzərdə tutan qanun layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.
İnsan alverinin yeni forma və metodlarının ortaya çıxması, risk qrupuna aid təbəqənin mütəmadi yenilənməsi və digər mühüm amillər nəzərə alınaraq hesabat dövründə maarifləndirmə tədbirləri diqqət mərkəzində saxlanılmışdır. Daxili İşlər və Təhsil nazirliklərinin birgə fəaliyyət planına uyğun olaraq orta ümumtəhsil məktəblərinin yuxarı siniflərinin 70 mindən çox şagirdi, valideynlər, psixoloqlar, icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaların təmsilçiləri də cəlb edilməklə “Uşaqların insan alverindən mühafizəsi” mövzusunda respublikanın 54 şəhər və rayonunda müvafiq tədbirlər keçirilmişdir. Analoji iş hüquq mühafizə, tibb, sosial müdafiə və məşğulluq qurumları əməkdaşlarının, sahibkarların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə məcburi köçkünlərin məskunlaşdığı inzibati ərazilərdə, internat məktəblərdə və peşə-ixtisas liseylərində də təşkil edilmişdir. Bir sıra ali təhsil müəssisələrində keçirilmiş görüşlərdə iştirakçılara insan alveri mövzusunda filmlər və teatr tamaşaları nümayiş etdirilmiş, müxtəlif televiziya kanallarında və internet şəbəkəsində qısametrajlı filmlər və sosial çarxlar yayımlanmışdır.
İnsan alverinə qarşı mübarizə tədbirlərinin geniş əhali kütləsinə açıqlanması məqsədilə müvafiq məlumatlar mütəmadi olaraq xüsusi polis qurumunun internet səhifəsində yerləşdirilmişdir. Bütövlükdə həyata keçirilmiş tədbirlərdə Milli Fəaliyyət Planının bütün iştirakçıları yaxından iştirak etmiş, səmərəli işi ilə fərqlənən 15 qeyri-hökumət təşkilatı isə Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılmışdır.
Hesabat ilində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daxili İşlər Nazirliyi və beynəlxalq təşkilatlar tərəfindən təşkil olunmuş seminar, konfrans, təlim və treninqə cəlb olunmuş, habelə Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya və Dövlət Sərhəd xidmətlərinin əməkdaşları və hərbi qulluqçuları üçün isə ixtisasartırma kursları təşkil edilmişdir. Eyni zamanda, Polis Akademiyasında insan alveri cinayətlərinin hüquqi aspektləri, kriminoloji xüsusiyyətləri, qarşısının alınması və açılması taktikası, Bakı, Gəncə, Naxçıvan və dövlət Azərbaycan Turizm və Menecment universitetlərində isə insan alverinə qarşı mübarizəyə və qurbanlara psixoloji yardımın göstərilməsinə dair mövzular tədris edilmişdir.
Mənbə, tranzit və təyinat ölkələrində insan alverinə qarşı mübarizəni həyata keçirən hüquq mühafizə orqanlarının səylərinin birləşdirilməsində və potensialının gücləndirilməsində vacib elementlərdən olan beynəlxalq əlaqələri inkişaf etdirilməsi üzrə tədbirlər də məqsədyönlü olmuşdur. Konkret olaraq BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı, GUAM, İslam Əməkdaşlığı Təşkilatı və Beynəlxalq Miqrasiya Təşkilatı, ixtisaslaşmış beynəlxalq qurumlar, ABŞ-ın Ədliyyə Departamentinin, onun və İsrailin Azərbaycandakı səfirliklərinin nümayəndələri ilə insan alverinə qarşı mübarizədə əməkdaşlığın perspektivləri və digər məsələlər barədə geniş müzakirələr aparılmışdır.
Təyinat ölkələrindən olan Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərləri ilə görüşlər keçirilmiş, habelə məlumat mübadiləsinin intensivliyinin artırılması, həmin ölkələrdə gizlənmiş təqsirləndirilən şəxslərin həbs edilməsi və ekstradisiyası məsələləri müzakirə olunmuşdur.
Daxili İşlər Nazirliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının, Amerika Birləşmiş Ştatlarının Bakıdakı Səfirliyinin və Beynəlxalq İnkişaf Agentliyinin iştirakı ilə insan alverinin cinayət təqibi və koordinasiya məsələlərinə həsr edilmiş seminar, Naxçıvan Muxtar Respublikasında isə “İnsan alverinə qarşı beynəlxalq mübarizə günü”nə həsr olunmuş konfrans keçirilmişdir.
Xarici İşlər Nazirliyinin təşəbbüsü və ATƏT-in İnsan ölçüsü komitəsinin dəstəyi ilə təşkil olunmuş tədbirdə insan alverinə qarşı mübarizədə ölkəmizin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinin vəziyyəti barədə xarici tərəfdaşlar ətraflı məlumatlandırılmışdır. Xüsusi polis qurumunun əməkdaşları beynəlxalq təşkilatların keçirdikləri layihələr formatında bir sıra Avropa dövlətlərində təcrübə mübadiləsinə cəlb olunmuş, həmçinin təlimçi qismində iştirak etmişlər.
Hörmətli millət vəkilləri, insan alverinin geniş yayılmış formalarında olan məcburi əməyin səbəb və şəraitinin aradan qaldırılması istiqamətində həyata keçirilən preventiv və nəzarət tədbirləri də davamlı olmuşdur. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin müraciətləri əsasında aparılmış araşdırmalarla əcnəbilərin məcburi əməyə cəlb edilməsi müəyyən edilməmişdir. Lakin belə hüquqa zidd əməllərlə məşğul olan 90 şəxs müəyyən olunaraq barələrində müvafiq inzibati tədbirlər görülmüşdür.
Qeyd edilməlidir ki, miqrantların məcburi əməyə cəlb olunmasının qarşısının alınmasında ölkədə yaşama və olma qaydalarını pozan 5523 əcnəbinin ötən il respublikanın hüdudlarından kənara çıxarılmasının da mühüm əhəmiyyəti olmuşdur.
Digər tərəfdən, polis orqanlarının aidiyyəti qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə keçirdiyi reydlər zamanı küçə həyatına məruz qalan, dilənçilik edən, qeyri-qanuni qulluğa cəlb olunan 600-a yaxın azyaşlı müəyyən etmişdir. Aparılmış araşdırmalarla onların insan alveri və ya məcburi əməyin qurbanı olması ehtimalı təsdiqlənməmişdir. Lakin bununla belə  öz uşaqlarını dərsdən yayınmasına və yaxud da qeyri-qanuni qulluğa cəlb olunmasına şərait yaratmış 240 valideyn barəsində inzibati tədbirlər görülmüşdür.
Həmçinin  müvafiq sosial problemlərin həll olunması üçün icra hakimiyyətləri yanındakı komissiyalara baxılması üçün 300-dən çox material göndərilmişdir. Xüsusi monitorinq qruplar tərəfindən 200-dən çox uşağın qəyyumluğa və himayəyə verildiyi ailələrdə yaşayış şəraiti də yoxlanılaraq zəruri sosial və tibbi yardımlarla əhatə olunmaları təmin edilmişdir.
Ümumən qarşıda duran vəzifələrin məqsədyönlü icrası müvafiq sahədə kriminogen durumun nəzarətdə saxlanılmasını, qurbanların vaxtında müəyyən edilib, qabaqlayıcı tədbirlərin görülməsini şərtləndirmişdir. Hesabat dövründə 2015-ci il ilə müqayisədə 30 faiz çox və ya 147 məcburi əmək və insan alveri cinayəti, həmçinin  belə hallara qeyri-qanuni sənədlərlə yol verilməsinə dair 19 fakt aşkarlanmışdır. Bu əməllərə görə 31-i qadın, 7-si kişi olmaqla 38 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, 15 cinayətkar qrup zərərsizləşdirilmiş və belə əməllərə görə  axtarışda olan 10 şəxs yaxalanmışdır. Müəyyən edilmiş 70 qurbandan 69-u Azərbaycan vətəndaşı, biri isə əcnəbi olmuşdur.
İnsan alverinin və məcburi əməyin 63 qurbanı və 7 potensial qurban sığınacağa yerləşdirilərək hər birinə 400 manat müqabilində birdəfəlik müavinət verilmiş, 25-i işlə təmin edilmiş, 38-i peşə kurslarına göndərilmiş, 54 qurban isə ailəsinə qaytarılmışdır. Bütün qurbanlar dövlət hesabına zəruri tibbi və psixoloji yardımla əhatə olunmuş, ibtidai istintaq və məhkəmə baxışı dövründə isə peşəkar hüquqi xidmətdən istifadə etmişlər. Qurbanların himayəsində olan 31 azyaşlı Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif təhsil proqramlarına cəlb edilmiş, 5 uşağın sosial problemləri həll olunmuş, daha 7-si isə Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki sığınacağa yerləşdirilmişdir.
Qurbanların təkcə sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən əlavə olaraq 153 min manat xərclənmişdir. Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 15 minə yaxın müraciətin hər biri  araşdırılaraq qanunauyğun ölçülər götürülmüş və təşəbbüskarlara zəruri izahlar verilmişdir.
Respublikada insan alverinin və məcburi əməyin qarşısının alınması sahəsində fəaliyyətin effektivliyi Avropa Şurasının, ATƏT-in və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların aidiyyəti sənədlərində də xüsusilə vurğulan-mışdır.
Hörmətli millət vəkilləri, insan alverinə qarşı qlobal səviyyədə aparılan mübarizənin nəticələri göstərir ki, heç bir dövlət bu bəladan tam sığortalanmayıb və təkbaşına təsirli əks tədbirlər görə bilmir. Beynəlxalq təşkilatların hesabatlarına əsasən dünyada insan alveri ilə bağlı olan cinayətlərə görə 13 min iş üzrə cinayət təqibi həyata ke-çirilir və bu əməlləri törədən 6 minədək şəxs məhkəmə məsuliyyətinə verilir. Müəyyən olunan 56 minə yaxın qurbanın 51 faizini qadınlar, 21 faizini kişilər, 28 faizini uşaqlar təşkil edir. Zərərçəkmişlərin 58 faizi isə cinayətkar qrup və təşkilatlar tərəfindən 570-dən artıq marşrut üzərindən digər ölkələrə aparılaraq istismara məruz qalırlar. Problemin daha da dərinləşməsində dünyanın əksər ölkələrində baş verən maliyyə böhranı, silahlı münaqişələrin coğrafiyasının böyüməsi, həmin səbəblərdən ucuz işçi qüvvəsinə olan tələbatın artması və tənzimlənməyən miqrasiya axınının ortaya çıxması xüsusi rol oynayır. Bütün bunlar isə insan alverini kriminal şəbəkə üçün daha əlverişli və cəlbedici etməklə onun məcburi əmək, mütəşəkkil və məcburi dilənçilik, terrorçuluq məqsədi ilə istismar, orqan transplantasiyası və başqa növlərinin arealını genişləndirməyə yeni imkanlar açır.
Əksər dövlətlərin istintaq orqanlarının apardığı araşdırmaların nəticələri də göstərir ki, insan alveri, o cümlədən qurbanların seçilməsi, təyinat ölkəsinə göndərilməsi, qarşılanması, yerləşdirilməsi, gəlirlərin bölüşdürülməsi və ümumiyyətlə, bütövlükdə bu cinayətkar fəaliyyət, əsasən, transmilli və mütəşəkkil birliklərin birbaşa nəzarəti, rəhbərliyi ilə təşkil edilir və idarə olunur. Lakin onu da qeyd edim ki, Azərbaycanda insan alveri ilə mübarizənin hüquqi müstəvidə həyata keçirilməsinə başlanıldığı 2005-ci ildən indiyədək görülmüş qətiyyətli tədbirlərlə 1049 cinayət və 900-ə yaxın qurban aşkarlanmış, 477 şəxs məhkəmə məsuliyyətinə verilmişdir. Görülmüş bu tədbirlərlə həmin beynəlxalq şəbəkənin ölkəmizdə hər hansı bir fəaliyyətinə rast gəlinməmiş və  görülmüş tədbirlərlə onun qarşısı alınmışdır. 
Bu gün Milli Fəaliyyət Planından irəli gələn mühüm tədbirlərin həyata keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi böyük siyasi dəstək, insan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması, əhalinin rifah halının yaxşılaşdırılması üzrə aparılan hərtərəfli islahatlar və hüquq mühafizə xidmətinin gücləndirilməsinə yönəlmiş mühüm addımlar sözü gedən əməllərin profilaktikasının və cinayət təqibinin yüksək səviyyədə təşkilinə, müvafiq təhdidlərə möhkəm sipər çəkməyə, vətəndaşlarımızın qanuni mənafelərini etibarlı müdafiə etməyə tam imkan verir.
Cari ildə də qarşımızda insan alveri təhlükəsi barədə maarifləndirmə işinin davamlı surətdə aparılması, dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının əlaqəli fəaliyyətinin gücləndirilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, kadrların peşəkarlığının artırılması, əməliyyat potensialının, beynəlxalq münasibətlərin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi və digər məsələlər durur.  Hörmətli millət vəkilləri, bu mühüm sahədə dövlət siyasətinin həyata keçirilməsinə verdiyiniz dəstəyə, ümumi işimizə böyük fayda gətirən səmərəli əməkdaşlıq münasibətinizə görə sizin hər birinizə, o cümlədən vətəndaş cəmiyyəti institutlarının və milli mediamızın nümayəndələrinə bir daha dərin minnətdarlığımı bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Vilayət müəllim, əyləşin. Məlumatın müzakirəsinə 14 millət vəkili yazılıb. Dediyim kimi, gündəlikdə 40 məsələ var, əgər etiraz etmirsinizsə, çıxışları 5 dəqiqə edək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 5 dəqiqə. Buyursun Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Vilayət müəllim çıxışında  insan alverinə qarşı mübarizə ilə bağlı atılan addımlar haqqında geniş məlumat verdi. Məruzədə ölkəmizdə bununla bağlı aparılan işlər öz əksini tapmaqdadır. Hüquq mühafizə orqanlarının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının və digər strukturların bu isə qoşulması mübarizənin effektivliyini daha da artırır. Hesab edirəm ki, buna qarşı mübarizə daimi olmalıdır və ictimaiyyətin də buna dəstəyi vacib şərtlərdən biridir.
İnsan alverinin həm obyektiv səbəbləri var, həm də subyektiv. Bu obyektiv və subyektiv səbəbləri araşdırdıqda görürük ki, burada ortaya çıxan problemlərin böyük əksəriyyəti bizə aid olmayan məsələlərlə  bağlıdır. Yaxın Şərqdə baş verən müharibələr nəticəsində başqa ölkələr qaçan insanlardan  insan alverinin qurbanı kimi istifadə olunması hallarının dəfələrlə  şahidi olmuşuq. Təbii ki, burada mühitin  böyük rolu var.
Azərbaycan xalqının özünün milli-mənəvi dəyərləri mövcuddur ki, bunun özü  insan alverinin qarşısını almaqda köməklik edir. Mən hesab edirəm ki, bu məsələnin effekti daha da artırılmalıdır. Son vaxtlar mətbuatdan bununla bağlı müxtəlif məlumatlar alırıq. Kim kimi qaçırıb, kim kimi aparıb və sair. Bu məsələlər Azərbaycan xalqının milli mentalitetinə zidd olan hərəkətlərdir. Ona görə də mən hesab edirəm ki, burada ictimai qınaq,  ictimai nəzarət və kütləvi informasiya vasitələrinin buradakı  rolu vacib şərtlərdən biridir. Həmin insanların qınanılması, onların  milli-mənəvi dəyərlərə zidd hərəkətlərinin qarşısının alınması üçün tənbeh tədbirləri  hüquq mühafizə orqanları sistemi ilə bərabər şəkildə aparılmalıdır ki, insanlar bu məsələlərə qarşı  münasibətlərini ortaya çıxarsınlar. Çünki bu, elə bir sahədir ki,  əgər pul,  gəlir varsa, insanları cəlb edir və istər-istəməz  həm azyaşlıların, həm də digər insanların insan alverinin qurbanına çevrilməsi faktları ortaya çıxır.
Bu baxımdan biz miqrasiya kartı ilə əlaqədar növbəti qanunumuzu qəbul edəcəyik. Miqrantların gəlib burada kiminləsə ailə qurması və gələcəkdə həmin insanın insan alverinin qurbanına çevrilməsinin qarşısını almalıyıq. Burada təhlükəsizlik baxımından çox ciddi şəkildə qeydiyyat məsələsi aparılmalıdır.  Həm də milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması baxımından bu addımlar atılmalıdır.
Hesab edirəm ki, biz hərtərəfli şəkildə bu məsələyə dəstək verməliyik ki, dünyanın ayrı-ayrı ölkələrində baş verən hadisələr Azərbaycana transfer edilməsin və bunun qarşısı kəsinliklə alınsın. Burada hər bir vətəndaşın üzərinə də ciddi  vəzifə düşür. Hər bir vətəndaş  bu məsələlərdə bir az ayıq-sayıq olmalı və aidiyyəti orqanlarla əlbir şəkildə insan alverinə  qarşı mübarizə aparmalıdır. Əgər kimsə vaxtında dərsinə getmirsə, kimsə yolunu azıbsa, bunların vaxtında qarşısının alınması həmin insanları gələcək faciələrdən xilas edər. Biz bu sənədə səs verəcəyik. Deputat həmkarlarımdan xahiş edirəm ki, bu sənədə səs verək, gələcəkdə mübarizəmizin səmərəsi daha da artsın. Təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli deputatlar, hörmətli qonaqlar! Mən də İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatının nəzərə alınmasını  zəruri hesab edirəm. Buna səbəblər var. Tənqidi mülahizələrimi də bildirəcəyəm. Əvvəlcədən demək istəyirəm ki, Azərbaycanda artıq bu sahə ciddi dövlət nəzarəti altındadır  və ona görə koordinatorun gördüyü işləri qiymətləndirmək lazımdır.
Mənim yadıma gəlir, sovet mənəviyyat sistemi dağılan zamanlarda milli-mənəvi sistem hələ oturuşmamışdı və biz çox narahatlıq keçirirdik.  Azərbaycanın, Bakının Sayqona çevrilməsindən, sayqonazasiya prosesindən çox qorxurduq. Şükür ki, bu müddət ərzində bunun qarşısı alınıb və indi oturuşmuş bir sistem var. Mən bunu yüksək qiymətləndirirəm, çünki mən 25 il əvvəl o dərəcədə həyəcanlı idim ki, Milli Məclisdə mənəviyyat komissiyası və əxlaq polisi yaradılması məsələlərini qoymuşdum. Ona görə də koordinatorun öz məruzəsində bildirdiyi kimi, bir sıra beynəlxalq təşkilatlarla, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri ilə, dövlət və qeyri-dövlət təşkilatları ilə birlikdə çoxlu maarifləndirmə tədbirləri, məsləhətləşmələr aparılıb və bir sıra ciddi nailiyyətlər əldə olunub.
Bəzi məsələlərə toxunmağı da zəruri hesab edirəm. Bunlardan biri əməkçi miqrant məsələsidir. Biz bilirik ki, əməkçi miqrantları  bəzən  qeyri-leqal, bəzən də leqal yolla ucuz əməyə cəlb edirlər. O zaman bizim əməkçilərimiz  iş tapa bilmir, hüquqları pozulur. İstəyirəm, bu məsələ də nəzərə alınsın.
İkinci,  mənim qarşımda keçənilki hesabat  var. Hesabatda deyilirdi ki, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulması ilə bağlı hüquqi sənədlər hazırlanır. Eyni sözlər indiki hesabatda da var. Üstündən bir il keçib. Bəs bu nə vaxt hazırlanıb başa çatacaq? Mən xahiş edirəm, buna diqqət edilsin ki, bu bir il müddətində eyni məsələlər hələ hazırlanıb qurtarmayıb.
Sonra, insan alveri, uşaqların zorakılıqdan müdafiəsi, internet təhlükəsizliyimizlə bağlı, deyək ki, qanunvericiliyimizdə müəyyən dəyişikliklər olub. Lazımdır ki, xüsusən uşaqların zorakılıqdan müdafiəsi ilə bağlı  sistem halında müəyyən konsepsiya hazırlansın. Buna çox ehtiyac var. Bu konseptual bir yanaşma olmalıdır. İndi insan alveri ilə bağlı qanunvericilik sahəsində müəyyən işlər görülüb.
Sonra, toxunacağım  bir sıra məsələlər var. Biz bilirik, 2015-ci ildə 450, indi isə 600-ə yaxın dilənçiliklə məşğul olan azyaşlı uşaq müəyyən edilib. Gördüyümüz kimi, xeyli artım var. 450-dən 600-ə qalxıb. Onları hüquqa zidd əməllərə cəlb edən valideynlərin keçən il 200-ü  indi isə 240-ı cəzalandırılıb.
Məni ən çox narahat edən odur ki, 2015-ci ilə nisbətən 2016-cı ildə artım olmuşdur. Mən keçən ilki hesabata diqqəti yönəldim. Məni bu çox narahat edir. 22 faiz çoxalma olmuşdur, 118 insan alveri faktı müəyyən olunmuş, ondan 13-ü cinayətkar qrup idi. İndi isə 29,4 faiz artım var. 22 faiz daha da artıb.  108 insan alveri hadisəsi  141, 13 cinayətkar qrup isə 15 olub. Yəni artım gedir. Bu, adamı çox narahat edir. Bu qədər müvəffəqiyyətin içərisində bu halları yaradan səbəb və şəraiti çox ciddi təhlil etməyə ehtiyac var. Mən bu sənədi müdafiə edəcəyəm, ancaq dediyim məsələlərin nəzərə alınmasını xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən.  Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Gerçəkdən, bu gün  biz çox mühüm bir məsələni müzakirə edirik. Hörmətli Vilayət müəllimin qeyd etdiyi kimi, bu, beynəlxalq xarakterli bir cinayətdir. Çox təəssüf ki, XXI əsr həyatında yenə təhkimçilik hüququ, qul əməyi, köləlik və sair tendensiyalar qalmaqdadır. Müxtəlif beynəlxalq hesabatlara baxanda şahidi oldum ki, o sahədən, yəni çirkli biznesdən qazanılan ümumi vəsait 150 milyard dollardan artıqdır. 30–32 milyona qədər insan onun qurbanlarıdır. O  üzdən  biz əslində, mütəşəkkil transmilli beynəlxalq cinayət haqqında danışırıq. Bu öz xarakterinə görə terror şəbəkələrinə xeyli yaxındır.
Hörmətli Milli Koordinator Vilayət müəllim çox ətraflı məlumat verdi. Yeri gəlmişkən, qeyd edim ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi, o cümlədən Vilayət müəllim tərəfindən bu müddət ərzində parlament üzvlərinə yüksək həssaslıq göstərilib, peşəkar münasibət olub və bütün bunlar təkcə daxildə deyil, beynəlxalq hesabatlarda da əksini tapmaqdadır. Çox yaxşı haldır ki, Qərb təşkilatlarının da Azərbaycanla bağlı bu məsələlərə dair verdiyi rəylər xeyli dərəcədə yüksəkdir.
Bununla bərabər, qeyd etdiyimiz kimi, insana əşya, əmtəə kimi baxma tendensiyası dünyanın hər yerində var. Vilayət müəllim qeyd etdi, bununla bir ölkə ayrılıqda  mübarizə apara bilməz. Bu, qlobal səylər  tələb edir. Lakin burada söyləndiyi kimi, əsas problemlər haradan qaynaqlanır?
Birinci növbədə əməyə cəlb internet resursları üzərindən həyata keçirilir. Hörmətli Ziyafət müəllim, mən bilirəm ki, Siz beynəlxalq və xüsusilə Rusiyanın informasiya vasitələrini izləyirsiniz. Adi bir qəzetə internet resursundan daxil olsanız, görəcəksiniz ki, Azərbaycanla bağlı  reklam şitləri  də orada  yer alıb. Üzərinə  tıklayanda  görəcəksiniz ki, 15 min, 20 min maaş vəd edirlər. Əlbəttə, nazirliyin elə bir xüsusi imkanı yoxdur ki, hər bir qurumu lisenziyalı fəaliyyət növü elan etsin və hər biri ilə bağlı onların iş yeri varmı, müqavilələr mövcuddurmu, hansı şərtlərlə bunu cəlb edirlər, orada çalışacaq adamların qalmaq yeri necə olacaq kimi məsələləri araşdırsın. Amma düşünürəm ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səviyyəsində heç olmasa, bu məsələlərə yer vermək olar. Həmin qeyd etdiyimiz qul əməyi bu cür xidmətdən, fəaliyyətdən, təbliğatdan yaranır.
İkincisi, düşünürəm ki, bu gün terror və din şəbəkələri də insanların həm fiziki, həm də əmək istismarını yenə də sosial,  virtual mediadan əldə etməkdədirlər. Bu problem yenə də orada qalmaqda davam edir. Yəqin çoxları YouTube sistemində görüblər, azərbaycanlı gənc bir oğlan öz ailəsini axtarır. İki uşaqla, qucaqlarında silah. Avtomat uşaqdan böyükdür. Suriyadadırlar. Oradan həyat yoldaşlarına çağırış edirlər ki, sən də gəl. Təbii ki, onların hamısına nəzarət etmək mümkün deyil, amma o adamlar  medianın qurbanına çevrilirlər.
Xaricdə ailə qurmaqla bağlı məsələni diqqətinizə çatdırmaq istəyirəm.   Hörmətli Ziyafət müəllim, bilirsiniz ki, biz miqrasiya qanunvericiliyini 2014-cü ildən sonra sərtləşdirdik. Amma Türkiyədə minlərlə azərbaycanlı ailə qurur. Biz onları vətəndaşlıqdan məhrum etdik, çünki Azərbaycan  Konstitusiyası ikili vətəndaşlığı qəbul etmir. Amma 2014-cü ilə qədər bir qədər liberal yanaşma var idi. O insanlar təkrarən öz ölkələrinin vətəndaşlığını qəbul etmək problemi qarşısında qalanda, o aralıq dövrdə həmin qüvvələrin, həmin şəbəkələrin yeminə çevrilə bilirlər. Ona görə düşünürəm ki, biz miqrasiya qanunvericiliyinə bir daha da baxmalıyıq. 
Başqa bir problem nə ilə bağlıdır? Oğru dünyasının, kriminal avtoritetlərin media məkanında həddindən artıq tirajlanması, təbliğatı, onlara az qala sitayiş olunması, kultlaşdırılması, məhkəmə,  daxili işlər orqanları əvəzinə  onların avtoritet kimi qələmə verilməsi, düşünürəm ki, bu sahədəki problemlərdən biridir. Əlbəttə, 5 dəqiqə ərzində nə mümkündürsə, biz onu söylədik. Düşünürəm ki, Milli Koordinatorun verdiyi açıqlama hər birimizdə ümid yaradır ki, Azərbaycan bu sahədə ən ciddi, ən kəskin mübarizə...
Sədrlik edən. Sağ olun. Mən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Zahid müəllim, dəfələrlə bunu deyirsiniz,  artıq məcburam, bu məsələyə münasibət bildirəm. Çıxışlarınızda dönə-dönə qeyd edirsiniz ki, – indi də qeyd etdiniz, – biz məcbur olduq Türkiyədəki Azərbaycan vətəndaşlarını vətəndaşlıqdan məhrum etdik. Azərbaycan Konstitusiyasına görə heç bir adam heç bir halda vətəndaşlıqdan məhrum edilə bilməz. Sadəcə, bizim vətəndaşlıq haqqında qanunvericiliyə görə, əgər vətəndaş başqa bir ölkənin vətəndaşlığını qəbul edirsə, avtomatik olaraq o, Azərbaycan vətəndaşlığını itirir. Vətəndaşlıqdan məhrumetmə başqa məsələdir, vətəndaşlığın itirilməsi tamamilə başqadır. Xahiş edirəm, ifadələrimizdə dəqiq  olaq.
Mən Zahid müəllimin qaldırdığı bir sıra məsələlərə münasibət bildirmək istəyirəm. Fikir verin, insan alverinə qarşı  mübarizə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, terrorizmə qarşı mübarizə. Əlbəttə, bunların hamısı bir dövlətin işi deyil. Bunlar qlobal məsələlərdir və  bütün dövlətlərin birgə səyini tələb edir. Amma  söhbət Azərbaycandan gedirsə, – Zahid müəllim də qeyd etdi, – burada Azərbaycan ictimaiyyətinin köməyi lazımdır. Xüsusilə mətbuatın, ictimai  birliklərin, siyasi partiyaların köməkliyi lazımdır.
Hər şeyi polisin, milli koordinatorun üstünə yıxmaq doğru deyil. Tənqid etməyə nə var? Bu, yalnız polisin işi deyil axı. Buna hamımız  kömək etməliyik. Bu saydığım cinayətlər bir problemdir ki, burada hamı polisə dəstək olmalıdır. Ona görə, xahiş edirəm, çıxışlarımızı elə quraq ki,  həm  bir yenilik, həm də polisə  dəstək olsun. Konkret təkliflər verilsin ki, bütövlükdə biz bu bəladan necə qurtula bilərik. Yeri gəlmişkən,  Azərbaycan o dövlətlərdəndir ki, bu sahədə çox ciddi  mübarizə sistemi qurulubdur. Dövlətin başçısı bu məsələyə çox ciddi siyasi dəstək verir  və müvafiq qurumlar da siyasi iradə göstərirlər, buna qarşı mübarizə aparırlar. Qənirə Paşayeva.
Q.Paşayeva. Ziyafət müəllim, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını  dəstəkləyirik və ümumiyyətlə, Sizin də vurğuladığınız kimi, bu mübarizədə onun yanındayıq.
Hamımız  anlayırıq ki, insan alveri ilə mübarizə  asan məsələ deyil, çünki böyük gəlirlər var. Bunun arxasındakı cinayətkar şəbəkələr heç cür bu biznesdən əl çəkmək  fikrində olmurlar. Dünyanı narahat edən çox ciddi bəlalardan biridir.
Mən ötən ilin məlumatlarına da baxdım.  Hesabatda  vurğulandığı kimi, 2015-ci illə müqayisədə 2016-cı ildə 29,4 faiz  çox və ya 141  insan alveri  faktı aşkarlanıb. Bu  göstərir ki, ölkə daxilində də insan alveri ilə mübarizəyə dair işlərimiz daha da sərtləşdirilməlidir. Təbii ki, qeyri-hökumət təşkilatları, KİV, polis – cəmiyyət olaraq hamımız  səylərimizi daha da artırmalıyıq.
Qurbanların  sosial reabilitasiyası məsələsi çox önəmli və çox vacibdir. 2016-cı ilin iyulunda cənab Prezident bununla bağlı fərman verdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında belə bir mərkəzin yaranması və  onların fəaliyyətinə nəzarət  ciddi bir məsələ kimi qoyuldu. Ona görə mən hesabatda görmədiyim üçün Vilayət müəllimdən öyrənmək istərdim ki, ümumiyyətlə, sosial reabilitasiyaya cəlb edilən insan alveri qurbanının təkrar  qurban olması  halları varmı? Varsa,  nə qədərdir? Bunun səbəblərini bilmək bizə  bir çox məsələlərlə mübarizədə daha çox dəstək ola bilər. O məsələnin burada əksini tapması yaxşı olardı.  İnsan alveri qurbanları arasında təkrar bu hala cəlb olunan qurbanın olmaması faktı  çox önəmlidir. Yox, əgər varsa, bunun səbəblərinin göstərilməsi çox yaxşı olardı. 
İkincisi, Vilayət müəllim, bu şəbəkələrlə mübarizə aparılır. Cinayət törətdiyi üçün məsuliyyətə cəlb olunanların arasında təkrar bu əməllərlə məşğul olanların statistikası necədir? Bu da çox önəmli məsələdir. Əgər təkrar bu əməlləri törədirlərsə, bu bizi düşünməyə vadar edir. Deməli, təkrar bu əməllərə əl atırlarsa, cəzaları daha da sərtləşdirmək lazımdır.
Bir də, uşaqlarla bağlı bir məsələni  vurğulamaq istəyirəm. Ötən illə müqayisədə bu rəqəm də artıb.  Küçə həyatına məruz qalan, dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 600-ə yaxın azyaşlı müəyyən edilib. Bu, keçən illə müqayisədə artıb. Siz bununla bağlı tədbirlərin görüldüyünü vurğulayırsınız. Biz bunu təqdir edirik. Bunun da  statistikası varmı? Siz bunu müəyyən etdiniz, ailələrlə  danışıldı,  tədbirlər görüldü. Bu uşaqların təkrar bu fəaliyyətə cəlbolunma faizi nə qədərdir? Yəni bu, çox ciddi məsələdir. İnzibati tədbir görüləndən 10–15 gün sonra  azyaşlı uşaqlar təkrar küçə həyatına, dilənçiliyə, qeyri-qanuni qulluğa cəlb olunursa, deməli, bununla bağlı tədbirlər dəyişməli, daha da sərtləşdirilməlidir. Yoxsa, bununla ciddi mübarizə aparmaq olmaz. Bu məsələ ilə bağlı fikrinizi də bilmək istərdik.
Bir də mən Tahir müəllimin dediyi məsələnin üstünə qayıdıram. Çox ciddi məsələdir. Hər il bu sənəddə öz əksini tapması  üzərində danışmaq yox, bu 2 sənədi ciddi şəkildə ratifikasiya etməyimiz lazımdır. Hesabatda da var ki, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası  və “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanunun qəbul olunması istiqamətində hökumətlə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür. Bu məsələ keçən il də gündəmdə idi. Artıq  bu qanunun  qəbulu və konvensiyanın ratifikasiyası olunması  da vacibdir.
Sədrlik edən.  Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Biz hər il olduğu kimi, bu il də Milli Koordinator hörmətli Vilayət müəllimin ətraflı və peşəkar məlumatını dinlədik. Hesab edirəm ki, bu təcrübə çox faydalıdır. Birincisi, ona görə ki, millət vəkillərinin qaldırdığı məsələlər hər il məlumatda öz əksini tapır. Bununla yanaşı, nəzərə almalıyıq ki, Milli Koordinatorun verdiyi məlumat insan alverinə,  məcburi əməyə qarşı mübarizədə cavabdeh olan bütün dövlət orqanlarının məlumatlarının bir məcmuəsidir. Bu baxımdan, hesab edirəm ki, ətraflı bir məlumatdır.
Ziyafət müəllim, düşünürəm ki, bir sıra statistik məlumatlarda artımın olmasına da biz əslində, pozitiv yanaşmalıyıq. Çünki zamanında baş verən hadisələr bir sıra hallarda ya cəmiyyətin özü, ya da insan alveri qurbanları tərəfindən səsləndirilmirdi, onlar aşkarlanmırdı. Mən, hesab edirəm, indi bu aşkarlığın nəticəsidir ki, bütün hallar araşdırılır, parlamentə, cəmiyyətə və müvafiq dövlət orqanlarına məlumat verilir. Əsas odur ki, bu faktlar məlumdur və onlara qarşı tədbirlər görülür.
Hesab edirəm ki, məlumatın müsbət məqamlarından biri ondan ibarətdir ki, həm Daxili İşlər Nazirliyi, həm də digər orqanlar preventiv tədbirlərin həyata keçirilməsinə üstünlük verirlər. Amma, eyni zamanda, qanunvericilikdə, xüsusən 2016-cı ildə Cinayət Məcəlləsində etdiyimiz dəyişikliklər və müvafiq hüquq mühafizə orqanları tərəfindən görülmüş tədbirlər göstərir ki, bu məsələnin qarşısının alınması ilə bağlı ciddi iradə var, cinayət təqibi həyata keçirilir, cinayətkarlar aşkarlanır və cəzalandırılır. Ziyafət müəllim, mən bütövlükdə məlumatı çox müsbət dəyərləndirirəm və hesab edirəm ki, ona səs verib,  qəbul etmək lazımdır. Sağ olun. 
Sədrlik edən. Əli müəllim, çox sağ olun, təşəkkür edirəm. Hörmətli həmkarlar xahiş edirlər ki, bu məsələni səsə qoyaq. Artıq 8 nəfərə yaxın  hörmətli həmkarımız çıxış edibdir. Çıxış edənlərin hamısı Milli Koordinatorun  insan alverinə qarşı mübarizəyə dair məlumatını qəbul edir. Doğrudan da, Vilayət müəllim insan alverinə qarşı mübarizə ilə bağlı çox müfəssəl məlumat verdi. Mən əminəm ki, digər yoldaşlar da bu sahədə görülən işləri təqdir edəcəklər.
Əgər etiraz etmirsinizsə, təkid edən yoxdursa, biz bu məsələni səsə qoyaq. Yeri gəlmişkən, mən bir məsələyə də  aydınlıq gətirmək istəyirəm.  Tahir müəllimlə Qənirə xanım  “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Konvensiya ilə bağlı məsələ qaldırdılar ki, bu,  yubanır. İş burasındadır ki, bu, təkcə Daxili İşlər Nazirliyinin işi deyil. Xarici İşlər Nazirliyi də işə qoşulmalıdır. Mən maraqlanmışam, bu iş öyrənilir. Bu, təkcə Daxili İşlər Nazirliyinin problemi olsaydı, çoxdan  həll olunardı. Bu məsələ Xarici İşlər Nazirliyi ilə birlikdə hərtərəfli öyrənilməlidir. Ondan sonra biz onu Milli Məclisdə ratifikasiya edəcəyik. Bu məsələ üzərində iş gedir.
Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, Milli Koordinatorun illik məlumata münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Vilayət müəllim, Sizə işlərinizdə uğurlar arzulayırıq. 
Gündəliyin növbəti məsələsi “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında  pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 21 noyabr 2013-cü il tarixli  Sazişin tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə  Belarus Respublikasının  Əmək və  Sosial Müdafiə Nazirliyi arasında Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqqındadır. Əmək və sosial  siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verəcək. Hadi müəllim, buyurun.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Minnətdaram, Ziyafət müəllim.  Bu tipli ikitərəfli sazişlər  müvafiq strukturlar tərəfindən bağlanır. Belə sazişlərdən biri də Belarus Respublikasının müvafiq nazirliyi ilə birgə imzalanıbdır. Bu sazişlərin parlamentdə ratifikasiya olması çox önəmli məqsəd daşıyır. Belə olan halda biz vətəndaşlarımızın pensiya təminatını daha da yaxşılaşdıra bilərik. Odur ki, deputat həmkarlarımdan 2013-cü ildə imzalanmış bu sənədin ratifikasiyasına səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verəcək. Səməd müəllimi dəvət edin, gəlsin. O gəlincə  növbəti məsələyə keçək.
4-cü məsələ 1997-ci il 10 iyun tarixində Almatı şəhərində imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilə”nin 5-ci maddəsinə dəyişikliklər və əlavələrin edilməsi haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında Notaların Mübadiləsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi haqqındadır. Əli müəllim, buyurun. 
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Siz artıq bu qanun layihəsinin geniş adını qeyd etdiniz, mən bir də onu səsləndirmək istəmirəm. Vacibi odur ki, Azərbaycan və Qazaxıstan arasında çox sıx dostluq münasibətləri mövcuddur. Bilirsiniz ki, bu yaxın günlərdə Qazaxıstan Respublikasının Prezidenti hörmətli Nursultan Nazarbayevin Azərbaycana səfəri olmuşdur.
Bu gün Azərbaycan–Qazaxıstan münasibətləri bütün sahələrdə nümunəvi xarakter daşıyır. Bu baxımdan bizim ölkələrimiz arasında mülki işlər, hüquqi yardım və hüquqi münasibətlər haqqında müqavilə mövcuddur. Amma zaman-zaman münasibətlərin  daha da inkişaf etməsi ilə bağlı olaraq müqavilələrə dəyişikliklər təklif olunur. Hesab edirəm ki, bu dəyişiklik hüquqi yardımın və hüquqi münasibətlərin daha da səmərəli həyata keçirilməsi üçün əhəmiyyətlidir. Hörmətli millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Əgər çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Səməd müəllim gəldi. Biz 3-cü məsələni – Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edirik. Səməd müəllim, buyurun.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Azərbaycan–Belarus münasibətləri bu gün, doğrudan da, çox yüksək səviyyədə inkişaf edir  və hər iki ölkənin maraqlarına tamamilə uyğundur. Azərbaycan Respublikasının Prezidenti bu yaxınlarda Belarus Prezidentini Azərbaycanda qəbul etmişdir. Biz hamımız bu görüşləri izləyirdik və iki Prezidentin eyni dəyərlərin müdafiəsi istiqamətində çıxışları həm Azərbaycanda, həm də Belarusda  çox yüksək səviyyədə qəbul olunmuşdur.
Son hadisələr göstərir ki, iki ölkə arasında iqtisadi, mədəni, siyasi məsələlər çox ciddi təhlil olunaraq eyni istiqamətdə cərəyan edir.  Bu sənəd parlamentimizdə qəbul olunsa, Azərbaycan–Belarus münasibətlərinin inkişafına yeni bir təkan vermiş olarıq. Ona görə də biz bu sənədin qəbul olunmasının tərəfdarıyıq. Həmkarlarımdan bu məsələyə müsbət münasibət bildirmələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxış eləmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti iki məsələ cənab Prezidentin bir məktubu ilə daxil olub. 5-ci və 6-ci məsələlər Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında və “Azərbaycan Respublikası Hökuməti ilə Venesuela Bolivar Respublikası Hökumətinin arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələridir. Səməd müəllim, buyurun.
S.Seyidov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən hər iki qanun layihəsini təqdim edərək hörmətli millət vəkillərinin diqqətini bir məsələyə cəlb eləmək istəyirəm. Bizim parlamentdə diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi ilə bağlı qanunların qəbul edilməsi artıq silsiləli xarakter daşıyır. Avropanın, Asiyanın, o cümlədən Latın Amerikasının əksər ölkələri ilə biz bu cür qanunlar qəbul etmişik. Bu, inkişafımıza təkan verən bir sənəd kimi qiymətləndirilməlidir. Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, Azərbaycanın bu istiqamətdə gördüyü işlər qəbul olunmalı və dəstəklənməlidir.
Diplomatik, xidməti və rəsmi pasportlar, ümumiyyətlə, vizasız gedişin birinci mərhələsi kimi qiymətləndirilməlidir. Azərbaycan dünyaya açılır və bu nöqteyi-nəzərdən qanun layihəsi çox vacibdir. 
O ki qaldı Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin Birgə Bəyanatına, bu, həm Azərbaycanın beynəlxalq səviyyədə, həm Venesuela Bolivar Respublikasında, Latın Amerikasında və dünyada eyni istiqamətdə gedən dəyərlərinin əksidir. Bu sənədin içərisində siz ərazi bütövlüyünün dəstəklənməsinin, birgə iqtisadi layihələrin, mədəni, iqtisadi və başqa sahələrdə tədbirlərin həyata keçirilməsini birbaşa görə bilərsiniz. Ona görə həmkarlarımı hər iki sənədin qəbul olunmasına səs verməyə çağırıram. Hesab edirəm, onlar bu sənədləri dəstəkləyəcəklər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, 5-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 6-cı məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Qəbul edildi, sağ olun.
7-ci məsələ Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə qanun layihəsidir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu sənəd 2016-cı il dekabrın 13-də Bakı şəhərində imzalanmışdır. Azərbaycan Respublikası ilə İsrail dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması ticarət və mal dövriyyəsinin güclənməsinə, eyni zamanda, vergidən yayınmanın qarşısının alınması sayəsində birgə əməkdaşlığın sürətlənməsinə imkan verəcəkdir. Belə layihələr dəfələrlə Milli Məclisin iclasında müzakirə edilmişdir.
Qeyd etmək lazımdır ki, sazişin tətbiq olduğu vergilər fiziki şəxslərin gəlir vergisini və hüquqi şəxslərin mənfəət vergisini əhatə edir. Konvensiya 31 maddədən ibarət olub tətbiq olunduğu vergilərin və rezident şəxslərin dairəsini, ümumi anlayışları, məlumat mübadiləsi qaydasını və ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı bütün digər məsələləri tənzimləyir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Meliorasiya və irriqasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Eldar İbrahimov.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət  komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli  həmkarlarım! Müzakirənizə təqdim olunan qanun layihəsində “Meliorasiya və irriqasiya haqqında” Qanunun “Meliorasiya və irriqasiya sahəsinin dövlət tərəfindən idarə olunması” adlanan 12-ci maddəsinin 4-cü hissəsində “meliorasiya və irriqasiya üzrə müvafiq” sözlərinin “müvafiq” sözü ilə əvəz edilməsi təklif olunur.
Bu dəyişiklik sözügedən qanunun adı çəkilən maddəsində “meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı” ifadəsinin dəqiqləşdirilməsi üçün  hazırlanmışdır. Belə ki, sizə verilmiş arayışdan göründüyü kimi, 12-ci maddənin qüvvədə olan redaksiyanın birinci, ikinci, üçüncü və dördüncü hissələrinin hər birində “meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı” ifadəsi işlədilmişdir. Maddənin birinci, ikinci və üçüncü hissələrində bu ifadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini nəzərdə tutduğu halda, dördüncü hissədə  Azərbaycan Respublikası Prezidentini nəzərdə tutur. Ona görə ki, 4-cü hissədə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Beləliklə, qanuna edilən dəyişiklik 12-ci maddənin 4-cü hissəsində işlədilmiş “müvafiq icra hakimiyyəti orqanı” ifadəsini dəqiqləşdirir. Hörmətli həmkarlarımdan xahiş edərdim ki, qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti 9-cu və 18-ci məsələlər bir zərfdə gəlib. Bunlar Milli Təhlükəsizlik Nazirliyi ləğv edildikdən sonra yaradılan Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti ilə bağlı texniki dəyişikliklərdi. Əgər etiraz yoxdursa, Ziyafət müəllimə söz verək, bu qanun layihələri barədə məlumat versin, sonra ayrı-ayrılıqda səsə qoyarıq. Buyurun, Ziyafət müəllim.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, 2016-cı il oktyabr ayının 14-də biz “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik elədik. Həmin qanunun tətbiqi ilə əlaqədar olaraq cənab Prezidentin bir zərfi ilə daxil olmuş 10 qanunda müəyyən dəyişikliklər nəzərdə tutulub.
Dəyişikliklərin mahiyyəti barədə cənab Sədr məlumat verdi. Burada hansı qanunlardan söhbət gedir? Deməli, “Siyasi partiyalar haqqında”, “Veteranlar haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Milli arxiv fondu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Aviasiya haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunların müvafiq maddələrində “milli təhlükəsizlik”, yaxud “milli təhlükəsizlik orqanları”, bir yerdə isə “Daxili İşlər Nazirliyi orqanı”, “dövlət təhlükəsizliyi” və “xarici kəşfiyyat” sözləri ilə əvəz edilir. Dəyişikliyin mahiyyəti bundan ibarətdir. Xahiş edirəm, bu dəyişikliklərə müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Hüseynov.
A.Hüseynov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! “Siyasi partiyalar haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı bir təklif vermək istəyirəm.
Bundan öncə bir fikrimi bildirim. Bu bir həqiqətdir ki, demokratiya, demokratik dəyərlər Azərbaycan dövlətinin, birbaşa onun rəhbərinin həyata keçirdiyi siyasətin ən başlıca prinsiplərindən biridir. Dövlətimiz demokratik prinsiplərə sədaqətli olduğunu, həm daxili, həm də xarici siyasətindəki ardıcıl mövqeyi ilə beynəlxalq arenada təsdiq edib. Bu dəyərlərə zaman-zaman öz töhfəsini verib. Respublikamızdakı çoxsaylı siyasi partiyaların fəaliyyətinə yaradılan bütün şərait, onların hüquq və vəzifələrinin qanun səviyyəsində qorunması qeyd etdiklərimizə konkret nümunədir.
“Siyasi partiyalar haqqında” Qanunun 8-ci maddəsində  göstərilir ki, ədliyyə, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, gömrük, maliyyə, vergi və sair orqanlarda çalışanlar siyasi partiyaların üzvü ola bilməzlər. Maliyyə orqanları çox geniş bir sahəni əhatə edir və orada  çoxsaylı kontingent formalaşır. Ona görə burada  “maliyyə” yox, “dövlət maliyyə nəzarətini həyata keçirən orqanlar” olsa, daha yaxşı olar.
Hətta vergi orqanlarında da çalışanları müəyyən bir kateqoriyaya ayırmaq olar ki, bunlar sırf partiyaların üzvü ola bilməzlər. Bununla vətəndaşlarımızın siyasi fəaliyyətlərini öz arzularına uyğun həyata keçirmələrinə daha münbit şərait yaratmış olarıq. Bir daha fikrimi konkretləşdirmək istəyirəm. Yəni “maliyyə orqanları” yox, “dövlət maliyyə nəzarətini həyata keçirən orqanlar”. Bu, daha yaxşı olardı. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın müəllim, “dövlət maliyyə nəzarəti orqanı” ilə “maliyyə orqanı” tamamilə başqa-başqa qurumlardır.
İkinci, biz burada “Siyasi partiyalar haqqında” Qanunu  müzakirə eləmirik. Burada texniki dəyişikliklərdən söhbət gedir.
Əgər başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Qanuna dəyişiklik edilməsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Xahiş edirəm, “Hərbi qulluqçuların dövlət  icbari  sığortası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
12ci məsələ. Xahiş edirəm, Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Qanuna  edilən dəyişikliklərə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Veteranlar haqqında” Qanuna edilən dəyişikliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Milli arxiv fondu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
16-cı məsələyə – “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirin. 

Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Xahiş edirəm, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Aviasiya haqqında” Qanuna dəyişiklik edilməsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədədir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Bu qanun layihəsi qanunvericiliyin uzlaşdırılması məqsədi daşıyır. Belə ki, “Mühasibat uçotu haqqında” Qanunda fondların idarəçiləri də ictimai əhəmiyyətli infrastruktur obyektlər siyahısında nəzərdə tutulub. Ona görə də Cinayət Məcəlləsinin müvafiq 271-ci maddəsində düzəliş olunur və “fondların istifadəçiləri” sözləri ora əlavə olunur. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Növbəti 20-ci məsələ Azərbaycan Respublikasının Vergilər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq hörmətli Əli müəllim bu dəyişikliyin mahiyyəti barədə dedi. Vergilər Məcəlləsində dəyişiklik edilməsi onunla əlaqədardır ki, “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilmişdir. Həmin dəyişikliklə investisiya fondunun idarəçiləri ictimai əhəmiyyətli qurumların siyahısına daxil edilir. Millət vəkillərindən bu dəyişikliyə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildi-rək.

Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti  məsələ “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə  qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Cənab Sədr, bu məsələ də əvvəlkilərlə eynilik təşkil edir, yəni  paket şəklində gəlib. Burada da müvafiq maddədə “fondları” sözündən sonra “bu fondların idarəçiləri” sözlərinin əlavə olunması təklif edilir. Yəni demək istəyirəm, “Mühasibat uçotu haqqında” Qanuna uyğunlaşdırmadır. Səsə qoyulmasını, xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
22-ci məsələ Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Cənab Sədr, 22, 23 və 24 bir-birləri ilə uyğun məsələlərdir. İcazə versəniz, qısaca məlumat verərdim. Bizim  İnzibati Xətalar Məcəlləsində “Dövlət satınalmaları haqqında” qanunvericiliyin pozulması maddəsi mövcuddur. İlk növbədə təklif olunur ki, bu maddə ləğv olunsun. Ona görə ki, bu, çox ciddi bir məsələ, ciddi bir pozuntu, əslində, iqtisadiyyatımızın sağlamlaşması dövründə, bu cür hallara qarşı ciddi mübarizə aparıldığı bir dövrdə cinayət təqibi formasında həyata keçirilməlidir. Ona görə təklif olunur ki, Cinayət Məcəlləsinə 308-2-ci maddə əlavə edilsin: “Satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə”.
Yəqin hörmətli millət vəkilləri də tanış olublar. Bir neçə yeni dispozisiya var, sanksiyalarsa kifayət qədər ciddidir. Eyni zamanda, qeyd hissəsində “xeyli miqdarda” dedikdə o məbləğ də kifayət qədər nəzərdə tutulmuşdur. Düşünürəm ki, Cinayət Məcəlləsinə yeni bir maddənin salınması satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı halların qarşısının alınmasında, ümumiyyətlə, dövlət satınalmalarının qanunamüvafiq formada həyata keçirilməsində ciddi rol oynayacaqdır. Hörmətli millət vəkillərindən buna səs vermələrini xahiş edirəm və bir daha vurğulayıram ki, növbəti məsələ İnzibati Xətalar Məcəlləsindən çıxarılır. “Dövlət satınalmaları haqqında” Qanun da məhz bizim Cinayət Məcəlləsinə etdiyimiz əlavə ilə bağlıdır. 
Sədrlik edən. Buyurun, Elmira Axundova.
E.Axundova. Hörmətli millət vəkilləri, satınalmalarla bağlı cəzaların qanunda nəzərdə tutulması, məncə, çox mühüm addımdır və mən bunu  dəstəkləyirəm. Əvvəllər də plenar iclaslarda qeyd etmişəm ki,  əgər  büdcə vəsaitlərinə qənaət etmək istəyiriksə, ilk növbədə satınalmalara elan olunan tenderlərə diqqəti, nəzarəti və məsuliyyəti artırmalıyıq.
Təklif olunan dəyişikliklə bağlı bir neçə sualım olacaq. Əvvəla, Cinayət Məcəlləsinə əlavə edilən 308-2-ci maddədə qanunsuz əməllərə görə kimin cəzalanacağı qeyri-müəyyəndir. Məsələn, 308-2.1-ci maddədə qeyd olunur ki, satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərini xərcləmə və ya malların satın alınmasını qanuna uyğun olaraq açıq tender üsulu ilə həyata keçirməli olduğu halda digər satınalma metodlarından qanunsuz istifadə etmə və sair. Sonra cərimələrin miqdarı göstərilir. Sual olunur ki, kim cəzalandırılacaq? Satınalan təşkilatın rəhbərimi, satınalmanı həyata keçirən vəzifəli şəxsmi, bu işdə vasitəçilik eləyən firmaların rəhbərlərimi? Bu məsələ 308-2.2 və 308-2.3-cü maddələrdə də cavabsız qalır. Mənə elə gəlir ki, cəzalanmalı şəxslər məcəllədə konkret təsbit olunmalıdır.
Digər məsələ ondan ibadətdir ki, bu maddənin bəndlərində eyni əmələ görə bir-birindən fərqli olan iki ayrı-ayrı cəza nəzərdə tutulur.  Məsələn, 308-2.1-ci maddəni götürək. Həmin maddəyə əsasən xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək cərimə edilməklə 3 ilədək müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma  hüququndan məhrumetmə, yaxud üç ilədək müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Sual olunur, nəyə görə dövlət vəsaitlərinin külli miqdarda talayan şəxs üçün alternativ cəza nəzərdə tutaq? Ya cərimə, ya azadlıqdan məhrumetmə. Ümumiyyətlə, alternativ cəzaların “ya”, “yaxud” kimi sözlərlə ifadə olunan mümkünlüyü hüquq mühafizə sistemində xoşagəlməz hallara yol açır. Ona görə, düşünürəm ki, cəza sərt və konkret olmalıdır.
Məsələn, məcəllənin 308-2.2 və 308-2.3-cü maddələrində qeyd olunan “xeyli miqdar ziyan” ifadəsinə maddənin qeyd hissəsində aydınlıq gətirilir. Amma 308-2.1-ci maddədə “xeyli miqdar” yazılır. Bu nə qədərdir?
Sonuncu sualım. Satınalma metodlarının tətbiqi şərtlərinin pozulmasına, məsələn, satın alan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanmış müqavilələr əsasında dövlət vəsaitlərinin xərclənməsinə, malların satın alınmasının açıq tender üsulu ilə həyata keçirməli olduğu halda digər satınalma metodlarından qanunsuz istifadə etmə və sair əməllərə görə, həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində cəza nəzərdə tutulur. Nəyə görə eyni əməllərə görə bir-birindən fərqli cəza müəyyən olunur? Mən hesab edirəm ki, bu cür əməllər ancaq Cinayət Məcəlləsi ilə cəzalandırılmalıdır. Bəlkə mən yanılıram, xahiş edirəm, aydınlıq gətirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar! Məndən öncə qeyd olundu ki, kimlər bu normaya görə məsuliyyət daşıyır. Bu vəzifəli şəxslərdir, onu istintaq orqanı müəyyənləşdirəcək ki, bu bir nəfərdir, yaxud  hansısa bir cinayətkar qruplaşmadır. Yəni hər halda satınalan şəxs, yaxud şəxslər buna görə məsuliyyət daşıyır. Buna aydınlıq gətirmək istədim.
Oqtay müəllim, mənim özümü narahat eləyən məsələ var. Bu normanın daxil edilməsini alqışlayıram. Cənab Prezident tərəfindən də dəfələrlə vurğulanıb ki, büdcə vəsaitlərinə kifayət qədər nəzarət olunmalı, büdcə vəsaitləri qorunmalı, mənimsəmə hallarının qarşısı alınmalı və korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir. Amma burada cəza tətbiqi ilə bağlı məsələ, yəni bu normanın sanksiyası, doğrudan da, ciddi suallar doğurur. Məsələn, burada qeyd olunur ki, satınalma zamanı qanunvericilik pozulduqda və bunun nəticəsində dövlətə, – yəni burada büdcə vəsaitindən söhbət getmir, – 50 min manatdan çox ziyan vurulduqda bu, cinayət məsuliyyəti yaradır. Yəni 50 min manata qədər dövlət vəsaiti oğurlanırsa, o da oğurluğun bir formasıdır.
Söhbət nədən gedir? Burada yalnız cinayətin subyektində fərq var. Oğurluq eləyən şəxs ya dövlətin əmlakını ya da vətəndaşın əmlakını oğurlayır, yəni onu qeyri-qanuni yolla həyata keçirir. Burada da satınalmalar zamanı tender keçirmədən kiminləsə cinayət əməlinə girməklə dövlət əmlakı mənimsənilir. Yəni bir manatlıq iş beş manata görülür, yaxud bir manat dəyəri olan əmlak beş manata alınır. Bu da oğurluğun başqa bir formasıdır, amma subyekt vəzifəli şəxsdir. Vəzifəli şəxs də qulluq mövqeyindən istifadə etmək yolu ilə bunu eləyir. Birisi avtobusda kiminsə cibinə girir, o birisi də rəsmi sənədlərə yuxarı qiymətlər yazmaqla, qanunu pozmaqla dövlətin əmlakını mənimsəyir. Getdi, su sayğacını oğurlayıb satdı, ya da büdcədən vəsait oğurladı. Bunların heç bir fərqi yoxdur.
İndi mən bu misalı niyə çəkirəm. Baxın, biz 177-ci maddənin birinci hissəsində qeyd edirik ki, cinayət məsuliyyəti nə zaman yaranır. O zaman yaranır ki, şəxsin oğurladığı əmlakın dəyəri 30 manatdan çox olsun. Gəlin, bunun sanksiyasına fikir verək. Yuxarı həddi alternativ sanksiyalı cəzadır, iki ilə qədər azadlıqdan məhrumetmədir. Amma burada 50 min manatadək oğurluq edən adamla bağlı deyirik ki, cinayət məsuliyyəti yox, inzibati qaydada məsuliyyət yaradır. Ümumiyyətlə, dövlətin 50 min manatdan 250 min manatadək  pulunu oğurlayırsa, bunun da sanksiyasını sizin üçün oxuyuram: 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Belə çıxır ki, biz oğurluq etdiyinə görə vəzifəli şəxslər üçün başqa cəza nəzərdə tuturuq, adi vətəndaşlar üçün başqa.
177-ci maddənin  ikinci hissəsi külli miqdarda oğurluq eləməkdir. Külli miqdarda oğurluq eləyən adama, – söhbət yeddi min manatadək oğurluqdan gedir, –  Cinayət Məcəlləsində 6 ildən 12 ilədək cəza nəzərdə tutulur. Amma 250 mindən çox oğurluq edən vəzifəli şəxsə biz 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə nəzərdə tuturuq. Fikir verin, 6 ildən 12 ilədək cəza hara, bu hara? Hətta bu normaların bəzi sanksiyalarında müəyyən vəzifə, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə məcburi qaydada əlavə cəza kimi nəzərdə tutulmur. Halbuki vəzifəli şəxs bu qədər ciddi cinayətə yol verirsə, birinci növbədə onun müəyyən vəzifətutma hüququndan məhrum edilməsi məcburi qaydada normada öz əksini tapmalıdır. Əlbəttə, cəzanın ağırlığı cinayətkarlarla mübarizədə hər zaman effektli rol oynamır. Amma iki normanı müqayisə etdim və hesab edirəm ki, biz ədaləti gözləməliyik. 
Sədrlik edən. Çox sağ olun, Qüdrət müəllim. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Mən həmkarlara təşəkkür edirəm ki, belə bir layihənin vacibliyini vurğuladılar. Oqtay müəllim, məruzəmdə bir yanlışlığa yol vermişdim. İnzibati Xətalar Məcəlləsində yox, “Dövlət satınalmaları haqqında” Qanundakı ifadə ləğv olunur.
Əsas müzakirə predmeti bizim Cinayət Məcəlləsinə etdiyimiz əlavə oldu. Həmkarım Qüdrət müəllimə təşəkkür edirəm ki, Elmira xanımın birinci sualını da cavablandırdı. Elmira xanımın və Qüdrət müəllimin narahatçılıqları cəza sanksiyaları ilə bağlıdır. Birincisi, qeyd edim ki, alternativ cəzaların olması bizim qanunvericilikdə nəzərdə tutulub. Bu cinayət əməlində iştirakın, vurulmuş ziyanın həddindən söhbət getdiyinə görə, təbii ki, burada alternativ cəzalar da nəzərdə tutulmalıdır. Mən də razıyam ki, bu ziyanın vurulması kifayət qədər ciddi bir əməldir və biz ona qarşı ciddi mübarizə aparırıq. Amma hesab edirəm ki, burada dövlət vəsaitlərini xərcləmə və  dövlət satınalmalarını qanunsuz keçirmə kimi iki cinayət əməli ki bir maddədə verilib, onu fərqləndirmək lazımdır. Birmənalı hesab edirəm ki, birinci hissədə dövlət vəsaitlərini xərcləmə ilə bağlı ittiham olanda onunla bağlı daha ağır cəzalar nəzərdə tutulub, amma satınalmanın qanunsuz keçirilməsi kimi əməldə yəqin ki, biz daha çox alternativ cəzaların verilməsi praktikasını müşahidə edəcəyik.
O ki qaldı ümumilikdə cəzanın sərtləşdirilməsinə, Oqtay müəllim,  demək istəyirəm ki, bu məsələni bir də qanunvericilik təşəbbüsünün subyekti ilə müzakirə etmək olar. Amma Qüdrət müəllim özü də vurğuladı, hesab edirəm, bu qəbildən olan cinayətlərdə azadlıqdan məhrumetmə növündə sanksiyaların yüksək olması məqsədəmüvafiq deyil.  Daha çox ona yönəlməliyik ki, dəymiş ziyan ödənilsin. Məlumat üçün hörmətli  həmkarlarıma  demək istəyirəm ki, bir müddət sonra cənab Prezidentin müvafiq fərmanı ilə  iqtisadi sahədəki cinayətkarlıqla bağlı cəzaların humanistləşdirilməsi ilə bağlı bir sıra paketlər təqdim olunacaq. Yəni bu qəbildən cinayətlərdə biz ona istiqamətlənmişik ki, dəymiş ziyan geri qaytarılsın. Mən hesab edirəm, burada azadlıqdan məhrumetmə sanksiyası kifayət qədər normaldır. Həmkarlarımdan qanun layihəsinə səs vermələrini xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, gündəliyin 22-ci maddəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, gündəliyin 23-cü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, gündəliyin 24-cü məsələsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Tənəffüs elan edilir.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Növbəti 25-ci, 26-cı, 27-ci və 28-ci məsələlər bir zərfdə gəlib. Ancaq təklif edirəm ki, 28-ci məsələdən başlayaq, çünki o biri 3 məsələ bu qanuna edilən dəyişiklikdən irəli gələcək. Bu, “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsidir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, son illər respublikada iqtisadi islahatların dərinləşməsi istiqamətində dövlət başçısı tərəfindən ciddi tədbirlər həyata keçirilir. Bank sektorunun sağlamlaşdırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi iqtisadi inkişafın ən vacib amillərdən olduğu üçün bu məsələ daim diqqət mərkəzindədir.
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərliyinin iştirakı ilə ətraflı və geniş müzakirə edilmiş və bunun ölkədə iqtisadi islahatların dərinləşməsinə, bank sektorunda sağlamlaşma tədbirlərinin həyata keçirilməsinə müsbət təsir edəcəyi bildirilmişdir.
Qanun layihəsi ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiya mexanizmlərinin, bankların ləğvetmə prosedurlarının, kreditorlara və dövlətə vurulmuş zərərin ödənilməsi mexanizminin təkmilləşdirilməsi, sistem əhəmiyyətli bankların dövlət vəsaiti hesabına sağlamlaşdırılması prosedurlarının müəyyən edilməsi, bankların öhdəliklərinin könüllülük restrukturizasiyasının tətbiqi məqsədi ilə hazırlanmışdır.
Dəyişikliyə əsasən banklar kreditorların razılığı ilə öz öhdəliklərinin restrukturizasiyasını, yəni borcun ödəmə müddətinin uzadılmasını, faizlərin azaldılması və ya ləğv edilməsini, borcların bir hissəsinin silinməsini həyata keçirə biləcəklər. Mövcud qanunvericiliyə əsasən banklar kreditorlar qarşısında öz öhdəliklərini yerinə yetirə bilmədikdə lisenziyaları ləğv olunur. Banka öz öhdəliklərinin restrukturizasiyası imkanının tanınması bankın ödəmə qabiliyyətinin bərpasına və son nəticədə kreditorların tələblərinin bankın ləğvi ilə müqayisədə daha çox həcmdə ödənilməsinə şərait yaradacaq.
Bankların rezolyusiyası imkanlarının genişləndirilməsi çərçivəsində yeni alətlər müəyyən edilmişdir. Yəqin ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Publik Hüquqi Şəxsin Direktorlar Şurasının sədri hörmətli Rüfət müəllim bir qədər ətraflı məlumat verə bilər.
Bununla yanaşı, qanun layihəsi ilə bağlı bəzi qeydlərimizi də bildirmək istərdik. Belə ki, qanun layihəsində “sağlam aktiv-maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə standart aktiv kimi təsnifləşdirilmiş aktiv” kimi anlayış verilir. Digər bir anlayış – “sistem əhəmiyyətli bank” anlayışı müəyyən edilərkən maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi meyarlara istinad olunur. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, müzakirələr zamanı hörmətli Rüfət müəllim bu məsələlərə kifayət qədər aydınlıq gətirdi. Yəni  qeyd olundu ki, sistemli bankların mahiyyəti,  meyar prinsipləri nədən ibarətdir. Eyni zamanda, o da qeyd olundu ki, sistemli bankların meyarları beynəlxalq metodologiyaya əsaslanır. Yaxşı olardı ki, həmin meyarlar qanun layihəsinin özündə nəzərdə tutulsun. Bu həm anlayışların daha dolğun başa düşülməsinə səbəb olar, həm də qanunda hər hansı normativ xarakterli akta istinadı aradan qaldırardı.
Digər bir məsələ vergilərdən, dövlət rüsumlarından dövlət orqanları və təşkilatları tərəfindən tutulan xidmət haqlarından və başqa dövlət ödənişlərindən azad olma ilə bağlıdır. Belə ki, qanun layihəsinin 57-6.7-ci maddəyə görə alıcı bank əldə etdiyi aktiv və öhdəliklərlə bağlı, 57-8.4-cü maddəyə görə maliyyə bazarlarına nəzarət orqanı körpü bankı yaradılması ilə bağlı, 57-8.8-ci maddəyə görə körpü bankı əldə etdiyi aktiv və öhdəliklərlə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərdən, dövlət rüsumlarından azad edilir.
Əlbəttə, indiki şəraitdə bank sektorunun sağlamlaşdırılması üçün  təklif olunan fikirlər məqbul sayılır. Biz  vaxtı ilə Milli Məclisdə bir qərara gəlmişik, bu məsələ qanunda da öz əksini tapıb. Yaxşı olardı ki, azad olmalar aidiyyəti qanunlarda – Vergi Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda qeyd edilsin. Çünki həmin məcəllə və qanunda qeyd edilir ki, azad olmalar və güzəştlər yalnız Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilir. 
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, məlumat vermək istərdim ki, bütün bu məsələlər barədə bizim Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri ilə kifayət qədər söhbətlərimiz olub. Prezident Administrasiyası ilə müzakirələr olub, müəyyən razılaşmalar əldə edilib.  Mən bir daha təkrar etmək istəyirəm ki, qanun layihəsi müasir şəraitdə bank sektorunun canlanmasına, ölkədə nisbətən zəifləyən iqtisadi fəallığın artırılmasına, pul kredit siyasətinin real sektorun inkişafına yönəldilməsinə, səhmdarların qanuni maraqlarının müdafiəsinə və bankın idarə edilməsində iştirak edən şəxslərin məsuliyyətinin artmasına imkan yaradacaqdır.
Son vaxtlar Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar olaraq Milli Məclis kifayət qədər qanunvericilik aktlarına dəyişikliklər etmişdir. Artıq bu institut formalaşır. Atılan addımlar əminlik yaradır ki, Azərbaycanda iqtisadi islahatların dərinləşməsi istiqamətində cənab Prezident İlham Əliyevin gördüyü işlər qısa zaman kəsiyində öz müsbət təsirini göstərəcəkdir. Ona görə də millət vəkillərindən bu qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edərdim. Yəqin ki, Rüfət müəllim də bəzi məsələlərə aydınlıq gətirər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bundan  sonra  3 məsələ də var. Əgər Rüfət müəllim etiraz etmirsə, bütün məsələlərə baxılandan sonra söz verərəm. Müzakirələrə keçirik. Buyursun Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri, xanımlar və cənablar! Təqdim olunan sənəd diqqətəlayiqdir. O nöqteyi-nəzərdən bank sistemindəki problemlərin həlli üçün lazım olan alətlər onu həll etmək üçün yetərli deyil. Ona görə təqdimatçılara təşəkkür edirik ki, əlavə alətləri təqdim ediblər. Eyni zamanda, burada Milli Məclisin də rolunu da qeyd etmək istəyirəm. Məhz Milli Məclis vasitəsi ilə bank sistemindəki problemlərin həllinin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində addımlar atılır və bunu təqdir etmək lazımdır.
3 sual ətrafında bu məsələyə fikrimi bildirmək istəyərdim. Birinci, təqdim olunan sənədlər mükəmməldirmi? Birmənalı şəkildə demək olar ki,  bir ildən artıq onların üzərində işlənilib, xeyli dərəcədə mükəmməldir. Burada əlavə məqamlara diqqət etməyə ehtiyac varmı? Buna da  təsdiqedici cavab vermək olar ki, elə məqamlar var ki, onların üzərində işləməyə dəyər. Məsələn, mən burada  konkret maddələri deyə  bilərəm. Maddə 2.3, eyni zamanda, 157.3. Mən bütün sənədləri  nəzərdə tuturam və burada  problemin özəyini təşkil edən maddələr anlaşılmır, əlavə şərhə ehtiyac var. ona görə də hesab edirəm ki, bu cür mürəkkəb, vacib bir sənədin  hamı tərəfindən anlaşılan bir vəziyyətə düşməsi üçün  mütləq və mütləq əlavə bir arayışın  verilməsinə ehtiyac var.  Eyni zamanda, qeyd etmək lazımdır ki, məhkəmə sistemi, hüquqşünaslar buna diqqət eləməlidir. Birbaşa apellyasiya distansiyasına çıxarılır. Mən bilmirəm, hüquqşünaslar buna bir qiymət verməlidirlər. Şəxsən mən razıyam ki, zaman udmaq üçün bəlkə də olar, amma hesab edirəm, qanunlara,  prosedurlara  əməl etmək nöqteyi-nəzərdən bunu mütləq nəzərə almaq lazımdır.
Eyni zamanda, burada qanunvericilik sənədlərində konkret günlər qoyulub. Hesab edirəm ki, bu günlər məsələsində əlavə problemlər yaranmasın deyə burada “gün” ifadəsini “iş günü” ilə əvəz etmək çox vacibdir. Məsələn, tutaq ki,  132.2.4-cü maddədə 7 gün vaxt qoyulub. Birdən bu, mart ayının ikinci on günlüyünə düşərsə,  bir-iki gün vaxt qalacaq. Belə  hallar,  mübahisəli məqamlar olmasın deyə, hesab edirəm ki,   təkcə bu qanunvericilikdə yox, bütün qanunvericlikdə “gün” ifadəsini “iş günü” ifadəsi ilə əvəz olunmalıdır.
Eyni zamanda, banklarla bağlı klassifikasiya məsələsinə diqqət etmək lazımdır. Burada sistem əhəmiyyətli bank məsələsi var.  Azərbaycanın bankları o qədər çöküb ki, birinci, beynəlxalq praktikadan çıxış edərək normal, sağlam meyarlar əsasında bu gün Azərbaycanda sistem əhəmiyyətli bank varmı sualına cavab vermək lazımdır. İkinci, maliyə bazarlarına nəzarətlə edən qurum  sistem əhəmiyyətli banklara tərif verən zaman yarımçılığa yol verilib. O cür tərif vermək mümkün deyil. Əgər sistem əhəmiyyətli banklardan söhbət gedirsə, orada həmin qurumun müəyyənləşdirdiyi meyarlar əsasında sistem əhəmiyyətli,  hesab edirəm, düzgün yanaşma deyil. Mütləq tərifi necədirsə, elə vermək lazımdır.
Növbəti qaldırmaq istədiyim məsələ ondan ibarətdir ki, burada maliyyə bazarlarına nəzarət qurumuna xeyli dərəcədə səlahiyyətlər verilir. Bu səlahiyyətlərin indiki zamanda verilməsinin tərəfdarıyam. Amma biz hüquqi dövlət qururuq və bu çərçivədə növbəti sualım əmələ gəlir. Maliyyə bazarlarına nəzarət edən qurum bu verilən səlahiyyətlərdən sui-istifadə etməyəcəkmi? Heç bir zəmanət yoxdur ki, istifadə etməyəcək. Bəs istifadə edərsə, onun qarşısını almaq üçün bizim qanunvericiliyimizdə hansısa məqamlar varmı? Normativ hüquqi aktlar haqqında Konstitusiya qanunumuz var. O qanunda göstərilir ki...
Sədrlik edən. Əli müəllim,  5 dəqiqə danışmışdıq. İndi  mənim bir sualım var. Onların hamısını başa düşdüm. Bu sizin komitədə müzakirə olunub. Sonra, həm sizin,  həm də Əli Hüseynlinin komitəsi birlikdə iki həftədir ona baxır.
Mən bu qanun layihəsini çox yüksək qiymətləndirirəm, həm Prezident Administrasiyası, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə çox ciddi işlənib. Dəyişikliklər də mənim qabağımdadır. Bunu işləmisiniz, təzədən onları təkrar etməyin nə mənası var? Buyur, bir dəqiqə də danış. Bir dəqiqə  vaxt verin.
Ə.Məsimli. Üzrlü səbəbə görə mən iclasda olmamışam və qaldırdığım məsələlər, hesab edirəm ki, əsl arqumentlər gətirəndə daha yaxşı olar.
İki dənə ciddi problem var. Birincisi, faiz dərəcələrinin həddindən artıq soyğunçu xarakter daşımasıdır, ikinci isə dollarla verilən kreditlərlə bağlıdır. Bunların həlli istiqamətində  qaldırılan məsələlər də heç nəyi həll etməyəcək. Ona görə də  axırıncı təklifimi qeyd etmək istəyirəm. Əgər deyirlərsə ki, birdən həll etmək olmaz, onda qoy banklar 28 marta 1000 dollara qədər olan kreditləri  bağlasın və dövlət hakimiyyəti orqanları da görsün ki, banklar bu istiqamətdə addım atır. Onlar da öz növbəsində addımlarını atsınlar. Beləliklə, problemin həlli istiqamətində ayaq açılsın, problem də həll olunsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Qüdrət Həsənquliyev. Xahiş edirəm, nəzərə alın ki, vaxt 5 dəqiqədir.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Bu son dəyişikliklər ona yönəlib ki, ölkədə bank sektorunda bir nizam-intizam yaradılsın. Vətəndaşların banka etimadı yaransın, sahibkarlar, vətəndaşlar öz əmanətlərini banklarda saxlasınlar. Mən, sadəcə olaraq,  Mülki Məcəllənin 967-ci maddəsinə, “Bank sirri” ilə bağlı məsələyə münasibət bildirmək istəyirəm.
Əvvəllər belə idi ki, bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə verilirdi. İndi biz dəyişiklik edirik ki, həm kənar auditorlara, həm də maliyyə bazarlarına nəzarət orqanına verilir. Mənim hansı isə bankda nə qədər pulum varsa, bunun maliyyə bazarlarına nəzarət orqanına nə aidiyyəti var? O, niyə vətəndaşların bank sirlərini bilməlidir?
Bunun üçün biz demişik ki, qanunvericiliklə müəyyən olunmuş hallarda, cinayət işinin istintaqı ilə əlaqədar olaraq. Tutaq ki, terrorizmin dəstəklənməsi,  maliyyələşdirilməsi  ilə bağlı hüquq mühafizə orqanları var, onlar əsaslı şübhələr olarsa müvafiq qaydada bu məlumatları əldə edə bilərlər. Əks halda Maliyyə Bazarlarına Nəzarət Palatasına ümumi məlumatlar lazımdır ki, bilinsin, Azərbaycanda  vətəndaşların banklarda nə qədər əmanəti var. Hansı bankda nə qədərdir. Tutaq ki, Qüdrət Həsənquliyevin bankda nə qədər vəsaitinin olduğunun Maliyyə Bazarlarına Nəzarət Palatasının nə aidiyyəti var? Yəni niyə o bunu bilməlidir? Mən istəyirəm bu suala cavab tapım.
İkincisi də biz bu sirlərin, daxil olan şəxslərin sırasını genişləndirməklə nəinki ona nail ola bilməyəcəyik, vətəndaşlar pullarını saxlasınlar, aparsınlar, daşısınlar İsveçrə banklarına, xarici banklara harada ki, bank sirləri daha ciddi şəkildə qorunur. Nə də heç kim gətirib Azərbaycan banklarında pulunu saxlamayacaq. Bir tərəfdən  cənab Prezident də müraciət edir ki, pullarınızı Azərbaycan banklarında saxlayın, digər tərəfdən isə bu tipli addımlar atılır və bu da əslində, heç də ümumi işə xidmət etmir. Oqtay müəllim, İnzibati Prosessual Məcəllənin  müzakirəsi zamanı mən bir məsələni də qaldıracam. Əlaqəli olduğuna görə deyirəm, biz məhkəmə qərarı olmadan bankın lisenziyasının ləğv olunması səlahiyyətini də bu nəzarət palatasına veririk. Bu barədə mən növbəti dəfə geniş danışacağam. Biz bununla, doğrudan da, bank sektorunda bir nizam-intizam yaratmaq istəyirik, yoxsa nəyəsə nail olmaq istəyirik? Sağ olun.
Sədrlik edən. Qüdrət müəllim, sən dediyin o bank sirləri ilə bağlı deyim ki,  bütün dünyada banklarda eyni sistem tətbiq olunur. Yəni fikirləşmə ki, onlarda başqa cürdür. Mahir Abbaszadə.
M.Abbaszadə. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! 2016-cı il Azərbaycan iqtisadiyyatında islahatlar ilidir. 2016-cı ildən sonra bizi ən çox narahat edən məsələlərdən biri  Azərbaycan bank sektorunda baş verən hadisələrdir. Məhz bu illər ərzində həm Mərkəzi Bank, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təxminən 10-a yaxın bankın lisenziyası geri alınmışdır. Cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən biri məhz bankların gələcək taleyi ilə bağlı olan məsələlər idi.
Mən bu nöqteyi-nəzərdən hesab edirəm ki, bu gün “Banklar haqqındakı” Qanuna edilən dəyişiklik  olduqca aktualdır. Banklarda həm restrukturizasiya, həm rezolyusiya hadisələrinin baş verməsi, mənə elə gəlir ki, olduqca qanunauyğundur. Çünki restrukturizasiya deyəndə bankların sahibləri, səhmdarları və kreditorları tərəfindən aparılan islahatlar başa düşülür. Bu, Azərbaycanın təcrübəsində var. 2016-cı ildə banklar bağlanan kimi bəzi banklar bunu öz aralarında həll edə bildilər. Misal olaraq  AG Bankı göstərə bilərik. Artıq o,  Azərbaycan bank sektorunda fəaliyyət göstərir,  maliyyə sektoruna öz töhfəsini verməkdədir.
Digər bir məsələ  rezolyusiya hadisəsinin baş verməsidir ki, burada körpü bankların yaranmasından söhbət gedir. Məhz körpü banklar yaradarkən bu zaman bankdakı depozitlərin icbari qaydada səhmlərinin digərinə keçirilməsindən, bankın aktiv öhdəliklərinin ayrı-ayrılıqda və yaxud bir yerdə satılmasından söhbət gedir. Məhz körpü banklar tənzimləyici orqan vasitəsi ilə problemli bank depozitlərinin və öhdəliklərinin aradan qaldırılması üçün yaranmış bir bankdır.
Bu da beynəlxalq təcrübədə mövcuddur. Əgər siz fikir versəniz, görərsiniz ki, 2008–2010-cu illərdə dünyada maliyyə böhranı zamanı Amerika Birləşmiş Ştatlarında və Böyük Britaniyada məhz bu üsuldan istifadə edərək bankların qorunub saxlanmasına nail ola bilmişlər. Ancaq həmin vaxtlar Şərqi Avropa ölkələrində, xüsusilə Çexiya, Rumıniya və Macarıstanda bu məsələlərə gedilmədi. Bir müddət sonra ayılıb gördülər ki, artıq bankların böyük aktivləri  Qərb investorlarının əlinə keçmişdir. Bu gün də bu proses həmin ölkələrdə davam  edir. Mən bu nöqteyi-nəzərdən hesab edirəm ki, bu gün müzakirə etdiyimiz qanun layihəsi  beynəlxalq təcrübədə öz əksini tapıbdır. Hesab edirəm ki, qanunun qəbulu və Azərbaycan bank sektoruna tətbiqi gələcəkdə bankların daha düzgün bir formada inkişaf etməsinə gətirib çıxaracaqdır. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Kamran Nəbizadə.
K.Nəbizadə.  Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən də düşünürəm ki, keçən il iqtisadiyyatda aparılan böyük islahatlar  bu il artıq  öz bəhrəsini verir. Kənd təsərrüfatı, turizm və digər sahələri misal gətirmək olar. Bu inkişaf göz qabağındadır. Əfsuslar olsun ki, bank sistemi iqtisadiyyatın dayağı, sütunu olaraq bu inkişafda bir qədər geri qalır. Bu dəyişikliklər də bu problemləri aradan qaldırıb, bankları sağlamlaşdırmaq prosesində çox böyük irəliləyişdir. Mən bu dəyişiklikləri dəstəkləyəcəyəm.
Sadəcə olaraq, bir-iki məsələyə diqqətinizi yönəltmək istərdim. 57-1.3-cü  maddədə qeyd olunur ki, bankın idarə edilməsi ilə bağlı bütün  xərclər bankın vəsaiti hesabına həyata keçirilir. Ödəmə qabiliyyətini itirmiş bankın bundan sonra da öz vəsaitləri hesabına idarə olunması nə qədər düzgündür?
57-2.3.7-ci maddədə yazılır ki, aktivlərin keyfiyyətinin pisləşməsinin qarşısını almaq tələb olunduqda bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirilir.  Mənim fikrimcə, burada  müstəqil şəkildə aparılmamalıdır və o da nəzərdə tutulmur. Ona görə ki, başqa bəndlərdə bunun təsnifatı verilir. Məncə, bura “maliyyə bazarlarına nəzarət orqanının razılığı ilə” ifadəsi əlavə olunsa, daha yaxşı olar.
57-2.3.14 və 57-2.3.15-ci maddələr, məncə, 57-5 və 57-6-cı maddələrin təkrarıdır. Proseslərin təkrarən burada qeyd olunması  məqsədəuyğun deyil, onları 57-5-ci maddədə vermək olardı.
57-8.2-ci maddədə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən banklar üçün müəyyən edilmiş normativlər, habelə Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi aləti kimi banklara tətbiq olunan məcburi ehtiyatların saxlanılması tələbi  körpü bankına şamil edilmir. Mən bilmirəm, bu nə qədər düzgündür? Sualım odur ki, baxmayaraq, bu müvəqqəti bir prosesdir və 3 aydan 9 aya qədər sürə bilər, amma bu proses ərzində  normativlərə niyə riayət olunur? Bildiyiniz kimi, bəzi hallarda banklarda  xoşagəlməz halların yaranmasının  səbəblərindən biri də o idi ki, məcburi ehtiyatları vaxtlı-vaxtında saxlanılmırdı. Bir daha  banklara bunu şamil ediriksə,  fikrimcə,  düzgün deyil
Mən yenə təkrar etmək istəyirəm ki, bütün bu proseslər detallı şəkildə öz əksini tapıb və ona görə bu dəyişiklikləri dəstəkləyirəm. Ümidvaram ki,  bu proses çox sürətlə gedəcək və bankların, ümumiyyətlə, bütün iqtisadiyyatın inkişafına xidmət edəcək. Diqqətinizə görə, çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də təklif olunan  dəyişikliklərə səs verəcəyəm. Hesab edirəm ki, vacib olan amillərdən biridir. Amma bir neçə məsələyə cənab Sədr, öz münasibətimi bildirmək istəyirəm. Təbii ki, yazılan, təqdim olunan və aparılan işlər təqdirəlayiqdir. İki ildən artıqdır ki, biz Milli Məclisdə bu cür qanunlar qəbul edirik və çalışırıq ki, iqtisadiyyatın əsas aparıcı sahələrindən biri olan bank sektorunda sağlamlaşma prosesi tam şəkildə həyata keçsin. Amma mən bir məsələ ilə razı deyiləm. Burada həmkarlarım başqa-başqa ölkələrin təcrübəsindən misallar da çəkdilər.
Azərbaycanda bankın bu vəziyyətə düşməsinin səbəbi iqtisadi böhran,  iqtisadiyyatda baş verən  kataklizmlər deyil. Azərbaycanda bu vəziyyət  buna rəhbərlik edən müəyyən şəxslərin maliyyə oğurluğu ilə əlaqədardır. Məhkəmələr də artıq bu proseslərlə bağlı qərarlarını qəbul edirlər. Yəni bu Azərbaycanda hansısa ciddi iqtisadi dəyişikliyin nəticəsində bank bu vəziyyətə düşmür. Vətəndaşın asılı vəziyyətə  və yaxud  kreditinin bu vəziyyətə düşməsi  iqtisadi göstəricinin nəticəsi deyil. Ona görə də məhz biz bu məsələni sağlamlaşdırmalıyıq. Yoxsa buradan körpü bankı yaratdım, oradan, körpü bankından başqa bir bankı da keçdi və sairlə olmur. Biz haradan bilək ki, sabah digər bank da bu cür fəaliyyətlə məşğul olmayacaq?
Vaxtı ilə Mərkəzi Bank nəzarət mexanizmini həyata keçirirdi. Hərəyə 1 milyard verdilər, götürdü, çıxıb getdi. İndi dövlət qalıb bu pulları  haradan axtarsın, haradan tapsın, haradan gətirsin. Nəzarət edən şəxslər də gəlib bu məsələyə cavab verməlidirlər. Digər tərəfdən, biz vətəndaşlarımızın da hüquqlarını qorumalıyıq.
Yenə deyirəm, bunu iqtisadiyyatla bağlamaq doğru deyil. Azərbaycanda iqtisadiyyat kifayət qədər  inkişaf edir, sosial islahatlar həyata keçirilir. Amma bank sistemində bu, paralel şəkildə həyata keçmir. Bank sistemi özünü uyğunlaşdırmır, öz maraqlarını, öz mənafeyini güdür. O baxımdan da banklar kökündən sağlamlaşdırılmalıdır.
İkinci, burada kreditlərlə bağlı qeyd olundu. Mən də hesab edirəm,  səbəb və nəticə var. Səbəb nədir? Bir nəfər izah etmir ki, Azərbaycanda vətəndaşa verilən istehlak kreditinin faizi niyə bu qədərdir?  İzah olunsun, başa düşək. Deyir ki, mən bu faizlə kredit verirəm. Bunun səbəbi nədən ibarətdir, niyə bu faiz olmalıdır? Vətəndaş da bu krediti götürsün,  kənd təsərrüfatının inkişafına, orta biznesin artmasına sərf etsin. Onların hər biri vergi ödəyicisinə çevriləcək. Ona görə də qəbul edək. Mən səs verəcəyəm, həmkarlarımı da səs verməyə çağırıram. Amma sağlamlaşdıranda yaxşı sağlamlaşdırsınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Elə biz də istəyirik ki, yaxşı sağlamlaşdırılsın da. Dedin ki, əvvəl nəzarəti Milli Bankın özü həyata keçirirdi. Gördünüz ki, cənab Prezident sərəncam verdi, yeni  nəzarət palatası yaratdı, bunu  ayırdı. Biz də çalışmalıyıq, nəzarət palatasına dəstək verək ki,  dediyiniz kimi, bankları sağlamlaşdıra bilsin. Körpü ilə gedəcək, körpüsüz gedəcək, qanun qəbul edilib onlar bu məsələləri həll edəcəklər.  Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Burada həmkarlarım da qeyd etdilər, cənab Prezident bir neçə dəfə   qeyd edib ki, 2016-cı ilin iqtisadiyyatına ən ağır zərbəni Azərbaycan bankları vurub. Bu bir həqiqətdir. Bütün bunları nəzərə alaraq cənab Prezident “Banklar haqqında” Qanuna, “Mərkəzi Bank haqqında” Qanuna dəyişiklik göndərərək yeni bir orqanı –  Maliyyə Bazarlarına Nəzarət Palatasını yaratdı.
Bu palata bir ildir ki, fəaliyyət göstərir. Deyərdim ki, bir  il ərzində çox böyük işlər görülüb.  Maliyyə Bazarlarına Nəzarət Palatası bütün bankların diaqnostikasını apardı. Palata yarananda 43 bank vardı. Bankların nə vəziyyətdə olduğunu aydınlaşdırdı.  12-yə yaxın bank bağlandı. Hazırda Azərbaycanda 32 bank fəaliyyət göstərir. Amma mən deməzdim ki, bankların vəziyyəti  yaxşıdır. Bu gün  təqdim olunan dəyişikliklərdə  əsas məqsəd bankların sağlamlaşdırılması prosesini aktivləşdirməkdən ibarətdir.
Niyə Azərbaycanda banklar  bu vəziyyətə düşdü? Siyavuş müəllim  çox gözəl qeyd etdi ki, onu bankirlərdən soruşmaq lazımdır. Bu gün hamısı milyonerdirlər, amma Azərbaycan əhalisi   əziyyət çəkir. Ona görə mən belə hesab edirəm ki, Rüfət müəllimin üzərinə, doğrudan da, qısa müddət ərzində Azərbaycan banklarını sağlamlaşdırmaq kimi çox ağır bir yük düşüb. Bu dəyişikliklər də məhz bu istiqamətə yönəldilib. Burada  ödəmə qabiliyyətini itirmiş bankların aktiv və öhdəliklərinin müəyyən edilməsi, onların sağlamlaşdırılması, sonra satışa çıxarılması üçün restrukturizasiya edilməsi və sair  önəmli məsələlərdir.
Burada körpü bankın yaradılması qeyd olundu. Əlbəttə, körpü bankı yaratmamış da bu məsələləri həll etmək olar. Amma bunun yaradılması ona görə vacibdir ki, ödəmə qabiliyyətini itirmiş bankın sağlam və aktiv öhdəliklərinin körpü banka köçürülməsi təmin edilsin.  Ora inzibatçı təyin olunandan sonra həmin inzibatçı bu işin öhdəsindən gələ bilsin.
Mən komitənin iclasında bir sıra məsələlərə toxunmuşam. İnzibatçının  9 ay, 1 il müddətinə təyin edilməsi, çox uzun müddətdir. Yəni bunu çox uzatmaq olmaz. Çünki inzibatçı 1 il müddətində o bankda müəyyən əməliyyatlara, səhvə də yol verə bilər. Buna baxmaq lazımdır.
İkinci, körpü bankın yaradılması vacibdir, amma  orada müəyyən nəzarət mexanizminin həyata keçirilməsi, – Əli müəllim də qeyd etdi, – çox mühüm məsələlərdən biridir.
Oqtay müəllim, həmkarlarım qeyd etdi, bizi  bu gün bank sistemində yaranmış problemlər narahat edir. Bu gün bank sistemində kredit alışverişi faktiki dayanıb. İstər hüquqi, istərsə də fiziki şəxslərə kreditlər verilmir. Yəni bununla əlaqədar olaraq insanların müraciətləri həddindən artıq çoxdur. Mən xahiş edərdim, Rüfət müəllim bu məsələyə diqqəti artırsın.
Bir də mən o biri məsələlərlə bağlı çıxış edəcəyəm. Keçən dəfə Rüfət müəllimə dedim, İnzibati Prosessual Məcəllədə məhkəmə sistemi ilə əlaqədar olaraq dəyişiklik edəcəyik. Məhkəmə sistemi yuxarı orqandır. Biz məhkəmə sisteminin səlahiyyətinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatasına verə bilmərik. Ona görə də xahiş edərdim ki, bu məsələyə  baxılsın. Məhkəmə sistemi istənilən müraciətə baxıb ləğv edə də bilər, ləğv etməyə də bilər və saxlaya da bilər. Amma 92-1.1-ci maddədə  göstərilib ki, qərarlar məhkəmə tərəfindən ləğv edilə bilməz, yəni Maliyyə Bazarlarına Nəzarət Pal-atasının qərarları qəbul edilə bilər. Bu çox ciddi məsələdir, buna baxmaq lazımdır.  
Oqtay müəllim, mən belə hesab edirəm ki, ümumi götürəndə Maliyyə Bazarlarına Nəzarət Palatası bu günə qədər müəyyən işlər görüb. Əsas işlər məlumdur. Bankların vəziyyəti hamıya məlumdur. İndi əsas məsələ çevik siyasət aparmaqla bankları işlək vəziyyətə gətirməkdən ibarətdir. Əsas məqsəd ondan ibarətdir. Bir də Əli müəllim qeyd etdi, dollarla alınan və vaxtı keçmiş kreditlərin qaytarılması məsələsinə hökumət səviyyəsində baxılmalıdır. Bu elə bankların sağlamlaşdırılmasına gətirib çıxaracaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Məhkəmələrlə bağlı dediyiniz fikirlər artıq öz həllini tapıb, dəyişikliklər gedib. Yəqin təzə dəyişikliklər gəlib çıxmayıb. Aydın Hüseynov.
A.Hüseynov. Hörmətli cənab Sədr, çalışacağam ki, fikirlərimi çox qısa şəkildə ifadə edim. Hörmətli Rüfət müəllimin burada olmasından istifadə edərək iki fikri səsləndirmək istərdim. Birinci, qeyd edim ki, müasir dövrdə təkcə iqtisadiyyatı deyil, bütövlükdə cəmiyyətin fəaliyyətini banklarsız təsəvvür etmək mümkün deyil. Ona görə də banklarda baş verən proseslər birbaşa insanların fəaliyyətinə təsir edir. Həmkarlarımın da qeyd etdiyi kimi, doğrudan da, son vaxtlar bankların sağlamlaşdırılması ilə əlaqədar önəmli addımlar atılıb. Bu gün də müzakirə etdiyimiz layihə bu qəbildəndir.
Təklifim nədən ibarət olacaq? Birinci, hamıya məlumdur ki, 90-cı illərin axırlarında, dövlət büdcəsinin vəsaitlərinin tam nəzarətə götürülməsi məqsədi ilə xəzinədarlıq sistemi formalaşdırıldı. Bu xəzinədarlıq sistemi, doğrudan da, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi və ona nəzarəti bu gün demək olar ki, bütövlükdə əhatə edib. Nə mənada? Həmin dövrdən başlayaraq 2009-cu ilə qədər müəyyən mərhələlər keçdi və 2009-cu ildən sonra xəzinədarlıq sistemi tam formalaşdı.
Bu fikri analoji müqayisə aparmaq üçün deyirəm. Bu gün  ölkəmizdə fəaliyyət göstərən bankların  keyfiyyətini, texniki imkanlarını və sairi götürsək, görərik ki, onlar beynəlxalq standartlara yaxın  fəaliyyət göstərirlər. Bəs bəla nədir? Kreditlərin verilməsindən  qaynaqlanır. Mən belə fikirləşirəm ki, bütövlükdə kreditləşmə prosesi ölkəmizdə fəaliyyət göstərən xəzinədarlıq prinsiplərinə söykənsin və bankların spesifikliyi nəzərə alınaraq xəzinədarlığın oradakı prinsipləri bura tətbiq olunsun. Eyni zamanda, kreditləşmə prosesləri həyata keçirilərkən qiymət həddinə nəzarət edilməsi üçün “Dövlət satınalmaları haqqında” Qanun bura da tətbiq olunsun. İlkin addım olaraq nəzarət zərfi dövlətə məxsus olan banklarda bunları həyata keçirmək daha məqsədəmüvafiq hesab olunur. Bu məsələlərin detalları ilə bağlı mütəxəssislər bilir, birinci, burada böyük diskussiya açmağa imkanımız yoxdur, ikincisi də mütəxəssislərlə bir yerdə  o fikirləri birgə səsləndirə bilərik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Bizə təklif edilən dəyişikliklər çox maraqla qarşılanır. Baxmayaraq ki, bir  çoxumuz bank sektorundan uzağıq, amma bu gün orada gedən dəyişikliklər və nəticələr istər-istəməz hər birimizi maraqlandırır. Ötən bir il ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması  maliyyə sahəsində bir çox dəyişikliklərin edilməsinə gətirib çıxardı. Doğrudan da, bu gün palata maliyyə sahəsində çox aktiv oyunçulardan birinə çevrilib. Verdikləri analizlər, rəqəmlər, təkliflər artıq müəyyən nəticələrə gətirib çıxarıbdır. Verilən dəyişiklikləri dəstəkləyirəm. Mütəxəssis olmasam da, ümid etmək istərdim, bu dəyişikliklər stabilliyə və  yeniliklərə gətirib çıxaracaq.
Bu gün hər bir vətəndaşın, dövlətin bank sektorundan  iki istəyi var.  Birincisi, valyuta stabilliyinin yaradılması, manat-dollar nisbətinin  müəyyən bir rəqəmdə dayanması, ikincisi, özəl banklarda kreditlərin faizinin tədricən də olsa aşağı salınması. Əlbəttə, bu, inzibati yolla həll edilən məsələ deyil, amma hər bir kəs bu məsələnin həllində maraqlıdır. Mən çox istərdim ki, yaranan yeni strukturlar və eyni zamanda, səlahiyyətə malik olan palata bu istiqamətdə öz fəaliyyətini davam etdirsin. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Səttar Möhbalıyev.
S.Möhbalıyev. Çox sağ olun. Mən də bu qanunun qəbul olunmasına səs verəcəyəm. Ancaq məni maraqlandıran bir məsələ var. Cənab Sədr, bilirsiniz ki, həmkarlar təşkilatına ildə 500 min ərizə daxil olur. Bu ərizələrin əksəriyyəti yardımla əlaqədardır. Mən burada əyləşənlərin nəzərinə çatdırıram ki, həmkarlar təşkilatının verdiyi yardımlar vergiyə cəlb olunmur. Həmkarlar təşkilatının vəsaiti də xüsusi mülkiyyət, xüsusi vəsait bölməsinə daxildir.
Ötən dövrdə biz necə edirdik? Rayonlardan ərizələr gəlirdi. Bu maddi yardımla əlaqədar ərizələrə cavab olaraq vəsaiti bankdan götürürdük, poçt vasitəsi ilə onun adına göndərirdik. O yoldaşlar da onu gedib poçtdan alırdılar. İndi xəstə gətirir Bakıya, rayondan yazıb, mən onun kartının nömrəsini haradan tapım, ona necə yardım göstərim? Bu məsələyə aydınlıq gətirmək lazımdır. Prezident Administrasiyasına  Qarabağ əlilləri müraciət edirlər, biz onlara pulu verə bilmirik. 
Bizim vəsaitimiz dövlət vəsaiti deyil.  Bir də deyirəm, bu həm də vergiyə cəlb olunmur. Tutaq ki, Gədəbəyin bir kəndindən ərizə gəlib. Mən  buna məktub yazmalıyam ki, sən kredit kartının nömrəsini mənə göndər ki, mən sənə yardım edim. Bu düzgün məsələ deyil. Mən xahiş edirəm, buna aydınlıq gətirsinlər. Həmkarlar təşkilatı banklardan vəsait götürüb camaata yardım göstərə bilmir və bu da insanlarda narazılıq yaradır.
Mən bu qanuna səs verəcəyəm. Bir də, burada dəyişiklik olmalıdır. Həmkarlar təşkilatının vəsaiti vergiyə cəlb olunmur. Əgər idarə, müəssisə orada işləyən adama yardım göstərirsə, o gəlir onun əmək haqqına, ondan tuturlar. Bəli, onun kartının nömrəsi var, keçirirlər. Bizə bütün rayonlardan ərizə gəlir. Ona görə də xahiş edərdim, məsələyə aydınlıq gətirərdiniz və xahiş edirəm, həmkarlar təşkilatına yazılı surətdə cavab verin. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Səttar müəllim, bizim nə ixtiyarımız var ki, həmkarlar təşkilatına yazılı cavab verməyək. Verəcəklər. Fuad Muradov. Xahiş edirəm, birdəfəlik yazılın. Gözləyib yazılmayın. Buyurun.
F.Muradov. Çox sağ olun, Oqtay müəllim. Təxminən eyni  məsələdir. Bu, qeyri-hökumət təşkilatları ilə bağlıdır. Səttar müəllim bir hissəsini dedi, bir hissəsini də mən demək istəyirəm. Yəni bu gün o nağdsız köçürmələrin arxasında, təbii ki, bankların sağlamlaşdırılması, insanlara daha yaxşı xidmət olunması və sair dayanır. Bu gün banklara  məktub gəlib və qeyri-hökumət təşkilatlarına pulun çıxarılmasında müəyyən limit qoyulub. Mən də onu dəqiqləşdirmək üçün soruşdum, dedilər ki, bu qanunu siz qəbul eləmisiniz. Bu məbləğ də, səhv eləmirəmsə, 5 min manata qədərdir.
Bu gün qeyri-hökumət təşkilatlarına ayrılan qrantlar cəmi 10 milyon manata yaxındır. Bu qeyri-hökumət təşkilatlarının müxtəlif iş üsulları var. Bu gün biz bu məsələni gündəmə gətirəndə digər qeyri-hökumət təşkilatları  artıq tam olaraq nağdsız ödənişlərə, nağdsız qrantın alınmasına keçiblər. Əslində, bu, qeyri-hökumət təşkilatlarımıza böyük bir zərbədir.
Mən araşdırdım, deyirlər, siz qanun qəbul eləmisiniz və  qeyd eləmisiniz ki, bütün dövlət sifarişlərini həyata keçirən təşkilatlar. Onun içində qeyri-hökumət təşkilatı da gedir. Oqtay müəllim, mən çox xahiş edirəm, bu məsələyə baxaq. Bu qeyri-hökumət təşkilatlarının  dünyada  müxtəlif fəaliyyətləri var. Onlar dövlət sifarişini yerinə yetirmirlər. Onlar vacib olan ictimai məsələlərin həyata keçirilməsi üçün fəaliyyət göstərirlər. Bu həm ölkə daxilində, həm də ölkə xaricindədir. Siz gözəl bilirsiniz ki, biz beynəlxalq təşkilatlarda işləyəndə məhz qeyri-hökumət təşkilatlarının dəstəyi ilə bu işləri həyata keçiririk. Mənim fikrim bu idi. Qanunu dəstəkləyirəm. Amma hər hansı bir məsələ olanda çox yaxşı olar ki, biz bundan nə qazanacayıqsa, onu qeyd edək. Yəni bu qanunun tətbiqi  qeyri-hökumət təşkilatlarına, ümumiyyətlə, vergi sisteminə xeyir verməyəcək. Əksinə, qeyri-hökumət təşkilatlarını böyük zərbə altına qoyacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Birinci, əgər biz belə bir qanun qəbul eləmişiksə, bu o deməkdir ki, sən də bu qanuna səs vermisən, qəbul eləmisən. Bu bir. Ancaq  qəbul elədiyimiz qanunda nağdsız pul dövriyyəsindən,  30 minə qədər nağd pul götürmək məsələsindən söhbət gedirdi. Burada qeyri-hökumət təşkilatlarının adı yox idi. Qeyri-hökumət təşkilatlarının məsələsi əvvəldən olub və bunun da səbəbləri məlumdur. Bilirsən ki, sənin qeyri-hökumət təşkilatlarının 70 faizi Gürcüstanda qeydiyyatdan keçir. Bu məsələni burada xırdalamağın yeri deyil. Sual da verəndə məsələni dəqiq araşdırın, sonra verin.
Mən dedim ki, Rüfət müəllimə axırda söz verəcəyəm. Amma 3 məsələmiz qalıb. Ona görə xahiş edirəm, gündəliyin 28-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.49 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, bu qanundan sonra 3  məcəlləyə  dəyişiklik var. Əli müəllim, xahiş edirəm, üçünü də bir yerdə deyin. Bir yerdə müzakirə edərik, axırda da Rüfət müəllimə söz verərik.  25-ci məsələ İnzibati Prosessual Məcəlləyə dəyişiklik edilməsi barədədir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bilirsiniz ki, komitənin iclasında biz “Banklar haqqında” Qanunla əlaqədar olaraq İnzibati Prosessual Məcəlləyə, Mülki Prosessual Məcəlləyə və Mülki Məcəlləyə dəyişiklikləri çox ətraflı müzakirə etdik. Mən fürsətdən istifadə edib həm qanunvericilik təşəbbüsü subyekti kimi Prezident Administrasiyasının, həm bizim Aparatın, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquqşünaslarına təşəkkürümü bildirmək istəyirəm ki, komitənin iclasında mənim və komitə üzvlərinin qaldırdığı məsələlərə çox diqqətlə yanaşdılar. Qısa zaman çərçivəsində birlikdə işçi qrupunda araşdırma apardıq və bütün tərəfləri qane edən qərarlar qəbul etdik.
Oqtay müəllim, mən o düzəlişlərin hamısını bir-bir oxumaq istəmirəm, onların qısaca mahiyyətini çatdırmaq istəyirəm. Həqiqətən də, bu düzəlişlər çoxdur. Birinci, bizim üçün prinsipial yanaşma ondan ibarət idi ki, cənab Prezidentin müvafiq fərmanı ilə strateji yol xəritəsində də problemli bankların sağlamlaşdırılması ilə bağlı hüquqi mexanizmin yaradılması tövsiyə olunmuşdur. Bax bu 3 layihə məhz həmin hüquqi mexanizmləri özündə ehtiva edir.
Müzakirə zamanı meydana çıxan suallar isə aşağıdakılar idi:
birincisi, palatanın ümumi qərarlarından şikayət vermə hüququnun məhdudlaşdırılması problemi;
ikinci, üçüncü şəxslərin məhkəmə prosesinə cəlb olunması məsələsi;
üçüncü, burada müəyyən olunmuş icraat zamanı müddətlərin İnzibati Prosessual Məcəllə ilə uyğunluğu.
Qeyd etmək istəyirəm ki, biz hər 3 məsələ ilə bağlı düzəlişlər etdik və bu bütün tərəflərin, ən başlıcası, qanunvericilik təşəbbüsü subyektinin razılığı ilə oldu. Belə ki, ilkin layihədə yer alan bankların maliyyə bazarlarına nəzarət orqanının qərarlarından şikayət verilməsini məhdudlaşdıra biləcək müddəalar dəyişdirildi. Yeni layihə yalnız “Banklar haqqında” Qanuna müvafiq olaraq bankın sağlamlaşdırılması və rezolyusiyası çərçivəsində qəbul edilmiş qərarları əhatə edir. Yəni o baza şikayət vermək hüququnun məhdudlaşdırılması məsələsi ortadan çıxarılıb. Yeni yanaşma isə beynəlxalq təcrübəyə, Avropa Birliyinin və Maliyyə Sabitliyi Şurasının tövsiyələrinə tamamilə uyğundur.
Hörmətli millət vəkilləri, Vahid Əhmədov 92-ci maddə ilə bağlı məsələ qaldırdı. O maddə, ümumiyyətlə, buradan çıxarılıb və  artıq 131.1 və 131.2-ci maddələrdə yeni yanaşma ehtiva olunur. Bir daha vurğulayıram, burada qeyd olunur ki, müvafiq olaraq bankın sağlamlaşdırılması proseduru yaranarkən mübahisələrə baxılır və bu zaman məhkəmə tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı qərar qəbul edilir.
Eyni zamanda,  komitədə müzakirə olunarkən bu fikir səsləndi ki, birbaşa apellyasiya məhkəməsi instansiyasında baxılması məqsədəmüvafiqdirmi? Hesab edirik ki, mümkündür, çünki bizim inzibati qanunvericilikdə belə müddəalar var. Xüsusi hallarda birbaşa apellyasiya məhkəməsində baxılır. Hesab edirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının indiki yeri, yəni qanunvericiliklə ona verilmiş  səlahiyyətləri çərçivəsində inzibati məcəllədə birbaşa bu cür mübahisələrin apellyasiya instansiyasında və sonra Ali Məhkəmədə baxılması məqsədəmüvafiqdir və bu ancaq sürətlə baxılmanı təmin edəcəkdir.
Müddətlərlə bağlı sualı da cavablandırmaq istəyirəm. İnzibati qanunvericilikdə “iş günü” yox, məhz “gün” anlayışından istifadə olunur. Eyni zamanda, o, istirahət günlərini özündə ehtiva etmir. Yəni burada hansısa bir narahatlıq yoxdur. Müddətlər kifayət qədər qısadır. Biz də düşündük ki, əgər məsələlərə sürətlə baxılmalıdırsa və palata ilə bağlı qanunvericilikdə bu cür dəyişiklik edilirsə, İnzibati Xətalar Məcəlləsində bu cür işlərin xüsusi icraatı ilə bağlı ayrı fəslin yaradılması prinsipcə mümkündür. Yəni bizim inzibati qanunvericilikdə ümumən müddətlərlə bağlı müddəalar var. Palata ilə bağlı işlərə xüsusi fəsildə xüsusi müddətlərin verilməsi məqsədəmüvafiqdir. Deyə bilərəm ki, müddətlər kifayət qədər qısadır. Bizim inzibati qanunvericiliyin də fəlsəfəsi ondan ibarətdir ki, bu cür işlərə qısa müddətdə baxılsın.
Beləliklə, cənab Sədr, mən tam məsuliyyətlə qeyd edə bilərəm ki, komitənin iclaslarında layihənin Konstitusiyaya, mövcud qanunlara, xüsusən də Mülki Prosessual və İnzibati Prosessual məcəllələrə uyğunluğu ilə bağlı bütün narahatçılıqlar aradan qaldırılmışdır. Yeni layihədə bunlar öz əksini tapmış və subyektlə də razılaşdırılmışdır. Hörmətli millət vəkillərindən layihəyə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyevin, yəqin,  sualı var. Buyursun.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Sözün doğrusu,  komitədə qaldırdığımız məsələlərlə bağlı müsbət qərarlar qəbul olunub, mən bunu alqışlayıram. Amma hesab edirəm ki, indi müzakirə elədiyimiz  layihənin 131.2-ci maddəsi ölkə Konstitusiyasına ziddir.
Konstitusiyanın 149-cu maddəsi “Normativ hüquqi aktlar” adlanır. Onun III bəndində qeyd olunur ki, qanunlar Konstitusiya ilə ziddiyyət təşkil etməməlidir. Mən 131.2-ci maddəni oxuyuram: Məhkəmə iddia ərizəsi daxil olduğu vaxtdan 15 gün müddətində baxıb qərar qəbul eləməlidir. Maliyyə bazarlarına nəzarət orqanının bankların sağlamlaşdırılması, rezolyusiya çərçivəsində, eləcə də bankın lisenziyasının ləğvi ilə bağlı qəbul etdiyi inzibati akt qanuna zidd olduqda məhkəmə həmin inzibati aktı ləğv etmədən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edir.
Mən qeyd eləmək istəyirəm ki, bu bizim Konstitusiyanın əsas prinsipinə ziddir. Konstitusiyanın 7-ci maddəsində qeyd olunur ki, dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında həyata keçirilir və hər kəs, hər bir qurum öz səlahiyyətləri çərçivəsində müstəqildir. Bundan başqa, bizdə “Mülkiyyət hüququ” adlı 29-cu maddə var. Orada da qeyd olunur ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli  ödəmək şərti ilə yol verilə bilər.  Oqtay müəllim, mən bunları ona görə sadalayıram ki, görün, nə qədər konstitusion müddəalar pozulur.
Əmək hüququ ilə bağlı qeyd olunur ki, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İndi biz burada, İnzibati Prosessual Məcəllədə nə yazmışıq? Yazmışıq ki, nəzarət palatası hansısa bankın lisenziyasını ləğv eləyirsə və  məhkəmə sübut edirsə ki, qanunsuzdur, o, qərarı ləğv eləyə bilmir və onun əvəzinə kompensasiya ödəyir. Əvvəla, bu kompensasiyanı kim ödəyir? Burada yazılmalı idi. Misal üçün deyirəm, əgər yazılsa idi ki,  qanunsuz qərarı qəbul eləyən şəxslər ödəir, onda əminəm ki, bu layihə heç  Milli Məclisə gəlib çıxmayacaqdı. Söhbət zərərin gələcəkdə dövlət büdcəsi hesabına ödənilməsindən  gedir.
İkincisi, mən bank fəaliyyəti ilə məşğul olmaq istəyirəm. 35-ci maddəni  sizə oxudum, peşə növünü seçmək hər kəsin, hər bir vətəndaşın hüququdur. Siz  qanunsuz olaraq mənim peşə fəaliyyətimi qadağan edirsiniz. Bankımı ləğv edirsiniz, sonra deyirsiniz ki, əvəzində kompensasiya verəcəyəm. Bu mənim əmək hüququmun birbaşa pozulmasıdır.
Bundan başqa, Konstitusiyanın 60-cı maddəsi var. Orada qeyd olunur ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının, digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən məhkəməyə şikayət edə bilər. Mən məhkəməyə şikayət edə bilirəmsə, orada mən məsələni qoyuram. Məhkəmə qarşısında iddia qaldırıram ki, orqanın filan qərarı qanunsuz olduğuna görə ləğv olunsun.
Sonra, 93-cü maddəyə keçirik. Konstitusiyanın 93-cü maddəsində  qeyd olunur ki, qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Biz nə haqla məhkəməyə deyirik ki, sən qərarı ləğv eləməyəcəksən, yalnız ona kompensasiya verəcəksən. Məhkəmənin bu səlahiyyətinə biz müdaxilə edə bilərik? Özümüz də burada yazırıq ki, eləcə də bankın lisenziyasının ləğvi ilə bağlı qəbul etdiyi inzibati akt qanunazidd olduqda məhkəmə onu ləğv eləyə bilməz, amma kompensasiya ödəmiş olacaq. Konstitusiya normalarının bu qədər pozulması qətiyyən yolverilməzdir. Çox təəssüf ki, bizim  Milli Məclisin təcrübəsində belə hallar olub, əvvəllər də  bəzən Konstitusiya normalarını pozmuşuq.
Səhərdən danışırıq ki, bank sektorunu necə inkişaf elətdirək, Azərbaycana necə investisiya cəlb eləyək? Nə edək ki, Azərbaycana pul yatırsınlar. Tutaq ki, bankımı ləğv elədilər, mənə də əvəzində kompensasiya verdilər. Mən həmin pulu təzədən Azərbaycanda qoyaram? Qanunsuz məni ləğv eləyirlər, sonra da deyirlər ki, filan qədər pul veririk, sən daha bu fəaliyyətlə məşğul olma. Belə hüquqi sistemin olduğu ölkəyə pul yatırarlar? Sözsüz ki, yox. Ona görə düşünürəm ki, nəzarət palatasına  bu səlahiyyətlər lazım deyil. Mən, sözün doğrusu, başa düşmürəm. Hörmətli Rüfət müəllim yaxşı maliyyəçidir, amma özü dedi ki, o, hüquqşünas deyil. Ola bilsin ki, bu, sırf vətəndaş hüquqları,  konstitusion hüquqlarla bağlı olan məsələdir. Ona bu səlahiyyətlər nəyə lazımdır,  sözün doğrusu,  başa düşmürəm. Mən bayaq bank işçiləri ilə də bağlı bu məsələni dedim. Ona görə  hesab edirəm ki,  131.2-ci maddə, ümumiyyətlə,  çıxarılmalıdır. Bayaq Ziyafət müəllim bir söz dedi. Biz bir dəfə də Konstitusiyada... Çatdırmayacağam, ona görə də sağ olun.
Sədrlik edən. İndi sən çatdırmayacaqsan, Ziyafət müəllim çatdırar. Buyurun, Ziyafət müəllim.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Qüdrət müəllim, mən 131.2-ci maddə ilə bağlı fikrimi bildirmək istəyirəm. Burada yazılıb ki, maliyyə bazarlarına nəzarət orqanlarının bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, eləcə də bankın lisenziyasının ləğvi ilə bağlı qəbul etdiyi inzibati akt qanunazidd olduqda... Sonra mətn üzrə davam edir. Burada mahiyyət odur ki, məhkəmənin baxdığı predmetdən söhbət gedir.
Əvvəla, apellyasiya məhkəməsi inzibati aktı ləğv eləyə bilməz. İnzibati aktın anlayışı var. Siz bilirsiniz, biz “İnzibati icraat haqqında” Qanun qəbul eləmişik. Orada göstərilib ki, inzibati aktı kimlər verə və kimlər ləğv eləyə bilər. Apellyasiya məhkəməsi onu ləğv eləyə bilməz, ona görə ki, elə səlahiyyəti yoxdur. O, işə mahiyyəti üzrə baxır. Əgər  onun baxdığı məsələdə inzibati akt hər hansı bir qanuna ziddirsə, o, yuxarı instansiya məhkəməsinə müraciət edə bilər. Həmin instansiya məhkəməsi bu məsələni həll edə bilər. Konstitusiya Məhkəməsi ləğv edə bilər, ya həmin aktı qəbul edən ondan yuxarı dövlət orqanları qəbul eləyə bilər. Amma konkret halda onun inzibati aktı ləğv eləmək hüququ yoxdur.
Yerdən. (Eşidilmir.)
Z.Əsgərov. Başa düşürəm, konstitusion normadır, amma apellyasiya məhkəməsinin belə bir səlahiyyəti yoxdur. Haradan verək, nə təhər verək? Qanunda belə bir şey yoxdur axı. Bunu ancaq Konstitusiya Məhkəməsi edə bilər. 
Sədrlik edən. Bunu sonra bir-birinizə izah edərsiniz. Sizin də fikriniz aydın oldu. Vüsal Hüseynov. Bununla da yekunlaşdırırıq. Buyurun.
V.Hüseynov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkarlar! Həqiqətən, bu layihə ilə bağlı bizim komitədə aidiyyəti orqanların nümayəndəliyi ilə keçirilən müzakirələri  çox səmərəli qiymətləndirirəm.  Həm qanunvericilik təşəbbüsünün subyektinə, həm də maliyyə bazarlarına nəzarət orqanının nümayəndələrinə təşəkkür edirəm.
Bəli, əgər bu layihə ilkin formasında  bu gün səsverməyə çıxarılsaydı bəlkə də səsləndirilən bəzi narahatlıq yaradan məqamları müzakirə etmək olardı. Ancaq bizim birgə işimiz elə ona görə faydalıdır ki,  biz, belə deyək, bütün qeyri-müəyyən məqamları aradan qaldırmışıq.
Bəli, Qüdrət müəllim fikirlərini səsləndirdi. Ancaq  bir əsas məqamı  nəzərdən qaçırmamalıyıq ki, burada söhbət bankın sağlamlaşdırılması və rezolyusiyası çərçivəsində həyata keçirilən tədbirlərdən gedir. “Bankın rezolyusiyası” anlayışı isə “Banklar haqqında” Qanuna təklif edilən dəyişikliklərdə verilir. Ümumiyyətlə, bu qanuna “Banklar haqqında” Qanunla kompleks şəkildə baxmaq lazımdır, çünki bunlar bir-birini tamamlayan sənədlərdir. “Rezolyusiya” anlayışı isə ödəmə qabiliyyətini itirmiş və itirmək təhlükəsi olan bankın, o cümlədən bank holdinq şirkətinin təxirə salınmadan və mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədidir.
Hörmətli Əli müəllim də qeyd elədi, belə bir vəziyyətdə beynəlxalq təcrübədə də yanaşma bundan ibarətdir ki, maliyyə nəzarəti orqanının  bu prosesə operativ müdaxilə etməyə və ictimai maraqlara zərər gətirən məqamları aradan qaldırmağa imkanı olmalıdır. Təbii ki, burada heç bir halda vətəndaşın konstitusion şikayət vermə hüququnun pozulmasından söhbət gedə bilməz. Çünki elə 131.2-ci maddədə qeyd edilir ki, hətta bu çərçivədə qərar qəbul edilsə belə, vətəndaş bu məsələni məhkəmələrdə mübahisələndirə bilər. 131.2-ci maddə bunu aydın göstərir. Sadəcə, məhkəmə bu aktı ləğv etmədən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. Bu da onunla bağlıdır ki, bu hallarda qəbul edilmiş qərarlar geriyə qaytarıla bilməyən qərarlardır. Məsələyə bu baxımdan yanaşılmışdır.
Digər bir məqamı da qeyd eləmək istərdim. Bank sirri ilə bağlı məlumatlar. Onunla bağlı qeyd eləmək istəyirəm ki, Mülki Məcəlləyə təklif edilən bu dəyişiklik uyğunlaşdırma xarakterlidir. Bizim “Banklar haqqında” Qanunda, eyni zamanda, “Auditorlar haqqında” Qanunda bu məsələ əksini tapıb. Bu baxımdan, bu da bir normal təcrübədir. Mən ümumi olaraq qeyd etmək istəyirəm ki, hər bir layihəyə hər dövrün tələbinə uyğun olaraq  qanunverici orqanda  münasibət göstərilir. Mən hesab edirəm ki, bu gün bank sektorunda yaşadığımız problemlər, narahatlıqlar bu gün qəbul etdiyimiz qanunu şərtləndirir. Bu baxımdan hörmətli həmkarlarımı bu layihəyə dəstək olmağa dəvət edirəm. Bir daha xatırladıram ki, bizim komitədə həyata keçirilən bütün müzakirələrdə bu qanunun Konstitusiyanın və digər  qanunların maddələrinə uyğunsuzluq məsələsi daim diqqətdə olmuşdur və belə bir uyğunsuzluq yoxdur. Çox sağ olun.
Sədrlik edən. Hörmətli millət vəkilləri, mən iki kəlmə söz deyəcəyəm. Bu qanunu qəbul etməkdə əsas məqsəd  budur ki, həqiqətən, banklar sağlamlaşdırılsın. Mən demək istəmirəm, gündə 5 milyon ziyan edən banklar var. Bunları saxlayaraq biz bu problemi hara aparıb çıxaracağıq? 5 milyon sonra 10 milyon,  40 milyon, 50 milyon olur. Bunları sağlamlaşdırmaq lazımdır. Ona görə də bu qanunlar lazımdır. Ona görə bu palataya səlahiyyət  vermək lazımdır ki, bankların piramida kimi qalxan müflisləşməsinin qarşısını alsın. Məsələnin kökü buradadır. Burada niyə başqa söhbətlər edirik? Sözü Rüfət müəllimə verək. Buyurun.
R.Aslanlı, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası Publik Hüquqi Şəxsinin Direktorlar Şurasının sədri.
Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, ilk növbədə bütün millət vəkillərinin burada səsləndirdikləri dəyərli fikirlərə görə təşəkkür eləmək istəyirəm. Çalışacağam, qaldırılmış məsələlərə qısaca olaraq aydınlıq gətirməyə cəhd eləyim.
Birincisi, hörmətli Əli müəllimin qaldırdığı sualların cavabını artıq müzakirə iştirakçıları bildirdilər, ona görə ona qayıtmaq istəmirəm. Günlərlə əlaqədar məsələyə Əli müəllim münasibətini bildirdi. Mən, sadəcə, bir məsələni qeyd eləmək istəyirəm. Vüsal müəllim də çox dəqiq vurğuladı, burada söhbət ödəmə qabiliyyətini itirmiş və yaxud itirmək ərəfəsində olan banklara münasibətdə həyata keçirilməli olan təxirəsalınmaz tədbirlərdən gedir.
Mən son ilin təcrübəsindən deyim. Bizim palata 2015-ci il mart ayının 30-da fəaliyyətə başlayıb. Biz dörd ay istirahətsiz, – Novruz bayramı günlərində də, – işləyirdik. Yəni özümüzə müsbət münasibət qazanmaq üçün bu məlumatı vermirəm. Banklarla münasibətdə işlər belə olur. Dünyada problemli bankların içərisinə requlyatorlar beşinci gün axşam girir və birinci gün səhər tezdən problemsiz bankdan çıxır. İnsanlar əksər hallarda bank sektorunda, ayrı-ayrı banklarda sağlamlaşma tədbirlərin-in daxili mətbəxini hiss etməməlidirlər. Çünki bu, ajiotaja  səbəb ola bilər. 90-cı illərdə Barinqs bank var idi. İngiltərənin ən böyük bankı idi. Onun Sinqapur filialı çox böyük itkilərə məruz qaldı və bankrot vəziyyətinə düşdü. Ana bank Londonda yerləşirdi. V, VI və bazar günlərində 50 dəfə çarter reyslərində London–Sinqapur arasında uçuş eləmişdilər. Həmin Barinqs bankını başqa bir bank aldı və həftənin birinci günü başqa bir adla fəaliyyətə başladı. Onun müştəriləri heç hiss eləmədilər ki, bank problemlə üzləşib. Məhz restrukturizasiyanın, rezolyusiyanın məqsədi budur ki, bu qanunda da göstərildiyi kimi, məsələ əhali və digər müştərilər üçün az itkilərlə qısa müddətdə həll olunsun. Ona görə müddətlər göstərilib. Çox qısa müddətlər göstərilib. Hətta istirahət günlərinə düşsə belə, requlyator həmin günləri işləməyə borcludur.
Sistem əhəmiyyətliliyi ilə əlaqədar Əli müəllimin qaldırdığı məsələyə münasibət bildirmək istərdim. Bugünkü qanunda da sistem əhəmiyyətliliyinin requlyator tərəfindən müəyyən edilməsi halı göstərilib. Yəni biz bu qanunun əsasında Direktorlar Şurası tərəfindən bankların sistem əhəmiyyətli meyarlarını təsdiq etmişik. Bu, dünyada  qəbul olunmuş praktikadır. Bank nəzarəti üzrə Bazel komitəsinin müəyyən etdiyi, Avropa Birliyinin öz direktivlərində, ayrı-ayrı ölkələrin qərarlarında təsdiq edilən dəqiq ölçülə bilən meyarlar əsasında müəyyən edilir. Amma bütövlükdə bizim qanunvericiliyimizdə də, dünyada da sistem əhəmiyyətli banklar, əsasən, dövlət vəsaitləri hesabına sağlamlaşdırıldığına görə biz yeni qanunda təklif etmişik ki, nəzarət orqanı tərəfindən bu meyarlar müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müəyyən edilsin. Müvafiq icra hakimiyyəti orqanı dedikdə, təbii ki, bu məsələ cənab Prezidentin səlahiyyətindədir və qanun imzalayarkən o, müəyyən edəcək hansı orqandır. Amma biz öz tərəfimizdən Maliyyə Nazirliyini təklif etmişik, çünki dövlət vəsaitləri Maliyyə Nazirliyi tərəfindən idarə olunur.
Ritorik bir sual çıxır ki, Maliyyə Bazarlarına Nəzarət Palatasına səlahiyyət verilməlidirmi? Söhbət institutlardan getmir. Bu, Maliyyə Bazarlarına Nəzarət Palatası da, digərləri də ola bilər. Söhbət dövlət və xüsusi eksklüziv biznes arasındakı münasibətlərdən gedir. Bank biznesi xüsusi biznesdir. Bu biznesdə əhalinin, müəyyən mənada dövlətin vəsaitləri toplanır. Bu, ölkənin iqtisadi imkanlarıdır. Bu fəaliyyətlə məşğul olmaq üçün bütün dünyada xüsusi tənzimləmə rejimi  tətbiq olunur və onu dövlət həyata keçirir. Dövlət bu tənzimləməni həyata keçirmək üçün bütün alət və səlahiyyətlərə malik olmalıdır.
O ki qaldı məsuliyyət məsələsinə, təbii ki, məsuliyyət var. Bu gün səsverməyə çıxarılmış, qanunvericilikdə də göstərildiyi kimi, əgər hansısa  qanunsuz qərarlar qəbul edilərsə, maliyyə nəzarəti orqanı sosial, iqtisadi, siyasi və digər məsuliyyətlər bir kənarda qalsın, hətta maliyyə məsuliyyəti daşıyır.
Burada körpü bankı ilə əlaqədar məsələ səsləndirildi. Körpü bankı nə üçündür? Aydınlıq olması üçün yenə də istərdim ki, həyatımızdan bir misal gətirim. Biz  2016-cı il may ayının 3-də “Bank Standart”a müvəqqəti inzibatçılıq təyin etdik. Bu zaman həmin bankın müəyyən qədər sağlam aktivi, öhdəlikləri var idi. Bu aktivlərə maraq göstərən digər banklar da var idi. O zamankı qanunvericilik  imkan vermədiyinə görə biz o bankın balansının sağlam hissəsini çıxarıb problemlərlə məşğul ola bilmədik. Nəticədə dövlət həmin bankın əmanətləri üzrə təxminən 435 milyon manat kompensasiya ödəməyə məcbur olub. Bu körpü bankları ondan ötrü yaranıb ki, requlyator problemli banka daxil olur, onun içində qiymətləndirmə aparır. Əksər hallarda bu qiymətləndirməyə kənar peşəkar qiymətləndirici şirkətlər də dəvət olunurlar. Bankın aktivlərinin sağlam hissəsi və öhdəlikləri xəstə institutun içindən çıxarılır, çox qısa bir müddətdə yaradılacaq sağlam bir mühitə, körpü bankına keçirilir. Eyni zamanda, banka maraq göstərən sağlam göstəricili investorların siyahısı da bəlli olur. Bu gün bizdə bu siyahı var. Bu gün biz bilirik ki, Azərbaycan bankına kimlər sərmayə qoymağa maraqlıdırlar. Həmin körpü bank, mövcud olan sağlam banklar müstəqil investorlara təqdim olunur. O investorlar bankın öhdəliklərini, sağlam aktivlərini alır, əlavə sərmayə qoyur və bankın əmanətçiləri, banka vəsait yatırmış  dövlət strukturları  rahat olurlar, çünki bu vəsait itmir. Körpü bankı buna xidmət edir və  dünyanın bir çox ölkələrində tətbiq olunur.
Hörmətli Qüdrət  Həsənquliyevin bank sirri ilə bağlı verdiyi suallara Vüsal müəllim cavab verdi, mən onu təkrar etmək istəmirəm. Bu, qanunvericiliyin bir-birinə uyğunlaşdırılması ilə əlaqədardır. Amma istəyirəm, İsveçrə bank sistemində sirrin qorunmasına dair fikrə münasibət bildirim. Əgər bizim vətəndaşlar düşünürlərsə ki, İsveçrə bank sistemində bank sirri Azərbaycandan daha ciddi qorunur,  bəri başdan deyim ki, bu, yanlışdır. İsveçrə bank sistemində də vətəndaşların, digər kreditorların, bank müştərilərinin əməliyyatları haqqında həm hüquq mühafizə,  həm vergi, həm də maliyyə monitorinqi orqanlarına mütəmadi məlumat verirlər. SVİFT sistemi 1999-cu ildə rəsmi bəyan etdi ki, ondan keçirilən bütün əməliyyatlar haqqında Amerikanın maliyyə monitorinqi orqanı olan FinCEN-ə məlumatı açıqlayır. Ona görə də biz özümüzü aldatmayaq. Artıq bank sirri 50–60-cı illərdə olduğu kimi bütləşdirilməyib.
Qısaca iki məsələni də qeyd eləmək istəyirəm. Birincisi, hörmətli Kamran Nəbizadə qeyd etdi ki, kreditlərin restrukturizasiyası nəzarət orqanı ilə razılaşdırılmalıdır. Bütövlükdə restrukturizasiya planı nəzarət orqanı ilə razılaşdırıldığına görə kreditlərin restrukturizasiyası bu planın tərkib hissəsi olaraq razılaşdırılmış olur.
Məcburi ehtiyat normalarının körpü bankına aid edilməməsi məsələsi. Məcburi ehtiyat normaları bankların öhdəliklərinin təminat vasitəsi deyil, mərkəzi bankların monetar nəzarət, monetar idarəetmə fəaliyyətləridir. Yəni pul kütləsi kifayət qədər çox olduqda, inflyasiya artdıqda Mərkəzi Bank məcburi ehtiyat normasını artırır, bunun vasitəsilə bank sektorundan pulları Mərkəzi Banka geri alır və əksinə. Ona görə nəzərə alsaq ki, körpü bankına bu vəsait müvəqqəti olaraq keçirilir və ana bankda, yəni körpü bankdan əvvəlki bankda toplanmış öhdəliklərin bir hissəsi artıq məcburi ehtiyat formasında Mərkəzi Bankda yerləşdirilib. Körpü bankına bu tələbi şamil etmək hesab edirəm ki, əhəmiyyətsizdir, bunun nə iqtisadi, nə hüquqi əhəmiyyəti yoxdur. Digər çıxışçılar da ümumi fikirlər səsləndirirdi, təşəkkür edirəm.
Sonda, icazənizlə, Səttar müəllimin səsləndirdiyi fikrə münasibət bildirim. Bəli, ötən ilin sonunda “Nağdsız hesablaşmalar haqqında” Qanun qəbul olunub. Bu qanun müəyyən edir ki, vergi ödəyiciləri, yəni bizneslə məşğul olan hüquqi və fiziki şəxslər öz aralarında hesablaşmaları müəyyən həddən yuxarı olduqda nağdsız qaydada aparmalıdırlar. Eyni zamanda, müəyyən olunub ki, dövlət vəsaitləri hesabına aparılmış satınalmalar məhdudiyyətsiz olaraq qeyri-nağd formada aparılmalıdır. Əgər dövlət hansısa bir məhsulun satınalınmasını maliyyələşdirirsə, bu məhsullar yalnız nağdsız qaydada satın alınmalıdır.
Mən, sadəcə, bir statistika gətirmək istəyirəm. Bu gün Azərbaycanda cəmi 5 milyon 400 min kart var. Bunun 550 mini kredit kartıdır, yerdə qalan debit, hesablaşmalar kartlarıdır. Bu kartların şəxsiyyət vəsiqəsi üzrə identifikasiya edilmiş 3 milyon 800 min nəfər sahibi var.  Faktiki olaraq 3018 nəfərin banklarda hesabı və o hesab vasitəsilə əməliyyat aparmaq imkanları statistika ilə təsdiq olunur. Əgər bundan sonra biz hesablaşmalarımızı nağdsız qaydada aparmaq istəmiriksə, mənə elə gəlir ki, burada cavab yox, çoxlu sual var.
Biz requlyator olaraq bu prosesin  ağrısız, mərhələlərlə, yumşaq formada keçirilməsinə çalışırıq. İki həftədən bir banklarla, biznes nümayəndələri ilə görüşlər keçiririk. İki gün öncə növbəti görüşümüz olub, üç saat ərzində müəyyən müzakirələr aparmışıq. Texniki səbəblərdən müəyyən çətinliklər yaranır. Çünki biz 25 illik tariximiz ərzində ilk dəfə olaraq iqtisadi hesablaşmaları köklü surətdə nağdsız dövriyyəyə qaytarmağa çalışırıq. Bu çox mühüm bir məsələdir. Bunun gedişatında suallar, çətinliklər yaranacaq. Mən sizi inandırıram ki, bu fundamental deyil. Bizə nə bank sektorundan, nə də sahibkarlardan çox ciddi, əsaslı fundamental sorğular, suallar daxil olur. Ona görə də  hesab edirəm ki, nə təzə qəbul edilmiş qanunun dəyişdirilməsinə, nə də onun tətbiqi mexanizmlərinə hansısa yenilik gətirməyə ehtiyac var.
Mənim dediklərim bank qanunvericiliyi ilə əlaqədar məsələlərdir. Prosessual qanunvericiliklə əlaqədar qaldırılmış bütün suallara hörmətli komitə sədri Əli müəllim və deputat Vüsal müəllim cavab verdiklərinə görə hesab edirəm ki, hüquqşünas olmadığım üçün onları dəstəkləyəcək əlavə söz deyə bilmərəm. Çox sağ olun. 
Sədrlik edən. Deməli, mən bir kiçik irad tutum. Düzdür, biz “Nağdsız hesablaşmalar haqqında” Qanun qəbul eləmişik. Amma sizə deyim ki, biz onu bir az tələsik,  hazırlıqsız qəbul elədik. Sizə şikayətlər gəlmir, amma bizə – millət vəkillərinə gündə şikayətlər gəlir. Məbləğ 30 min qoyulub. Şirkətlər birdən-birə bu üsula keçməyi bacarmırlar və onların bütün dövriyyəsi dayanır. Xahiş edirəm, bu məsələyə bir az diqqətli baxaq, sizli-bizli fikirləşək. Bu məsələlərə insanları vərdiş elətdirib, yavaş-yavaş başlamaq lazımdır. Şikayətlər, narazılıqlar çoxdur. Bu məsələyə bir də baxmaq lazımdır. Səttar müəllim, sualınız var, yoxsa sualınız cavablandırılmadı?
S.Möhbalıyev. Mən deyirəm ki, yardıma ərizə verirlər, şəxs  Qarabağ əlilidir, qapının ağzına gəlir. Mən onlara pul verə bilmirəm. Yəni bu dövlət vəsaiti deyil, həm də vergiyə cəlb olunmur. Mən yenə deyirəm, mənə yazacaqlar, mən də cavab verəcəm ki, biz nağd pul almırıq, ona görə sizə yardım göstərə bilmirik. Bu da narazılığa gətirib çıxarır. Mən pulu götürürəm, poçt vasitəsilə rayona göndərirəm. Mən onu nağd vermirəm. Nağd şəkildə biz qəbula gələnləri yola salırıq. Ona da vəsait tapıb verə bilmirik. Narazılıq əmələ gəlir. Söhbət bundan gedir. 
Sədrlik edən. Mən də ona görə deyirəm ki, bu məsələyə baxmaq lazımdır. Əgər başqa təkliflər yoxdursa, xahiş edirəm, 25-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.20 dəq.)
Lehinə 95
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, gündəliyin 26-cı məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.21 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, gündəliyin 27-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.22 dəq.)
Lehinə 95
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bir zərfdə gələn çox vacib qanun layihələri qəbul olundu. Mən buna görə  komitə sədrlərinə və üzvlərinə operativ işlərinə görə minnətdarlığımı bildirirəm.
Növbəti məsələyə keçirik. 29-cu məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədədir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, icazə versəniz, 29 və 30-cu məsələləri birlikdə məruzə edərdim, çünki onlar bir-biri ilə üzvi surətdə bağlıdır. Birinci, İnzibati Xətalar Məcəlləsinə təklif olunur ki, “Torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulması” adlı 249-cu maddə çıxarılsın. Çünki bu dəyişikliklər vəzifəli şəxs tərəfindən qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələrini tikinti üçün ayırma ilə bağlı inzibati cəzanı ortadan çıxarır, amma bunun əvəzinə cinayət məsuliyyəti müəyyənləşdirir.
Ona görə 29-cu bəndə qayıdıram. 29-cu bənddə isə Cinayət Məcəlləsinin mövcud maddələrinin sanksiyaları ciddiləşdirilir. Yəni orada azadlıqdan məhrumetmə növündə cəza var, onlar təxminən bir il artırılır. Qeyd etdiyim kimi, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan  xəta artıq cinayət məsuliyyətinə çevrilir və o da 2 il müddətinə azadlıqdan məhrumetmə nəzərdə tutur.
Beləliklə, bu dəyişikliklər dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələri ilə bağlı vəzifəli şəxslər tərəfindən qəbul olunmuş qanunsuz qərarlara qarşıdır və ümumiyyətlə, bu sahədə mübarizənin gücləndirilməsi məqsədilə sanksiyaların sərtləşdirilməsini özündə ehtiva edir. Hesab  edirəm ki, bu, millət vəkillərinin daim qaldırdığı məsələdir və həmkarlarımdan ona səs verməyi xahiş edirəm. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. 29-cu məsələ ilə bağlı çıxış eləmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.24 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Əli müəllim, Siz 31-ci məsələni də məruzə elədiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xeyr. Onda 30-cu məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.25  dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 31-ci məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli.  Hörmətli Ziyafət müəllim, bu layihə sırf uyğunlaşdırma – Cinayət Məcəlləsinin “Mühasibat uçotu haqqında” Qanuna uyğunlaşdırılması xarakteri daşıyır. Ora bir söz əlavə olunur. Ona görə səsə qoyulmasını xahiş edirəm. Yəni texniki uyğunlaşdırma xarakterli layihədir. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.26   dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Hörmətli Ziyafət müəllim,  32, 33, 34-cü məsələlər bir zərfdə gəlib. 32 ilə 34 bizim komitəyə aiddir. Ona görə icazə verin, məlumat verim.
32-ci məsələ Mülki Məcəllənin “Banklar haqqında” Qanuna uyğunlaşdırılması ilə bağlıdır. Bir qədər öncə bu məsələ meydana çıxmışdı. Bank sirri ilə bağlı olan məsələdir. Əslində, bu, Mülki Məcəllənin “Banklar haqqında” Qanuna uyğunlaşdırılmasıdır. “Bank sirri təşkil edən  məlumatlar yalnız müştərilərin  özlərinə, onların nümayəndələrinə, həmçinin kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilir”. Bu artıq bizim qanunvericilikdə, “Banklar haqqında” Qanunda var, Mülki Məcəlləyə köçürülür.
Bilirsiniz ki, Seçki Məcəlləsində, ümumiyyətlə, bizim qanunvericilikdə “Mərkəzi Bank” “maliyyə bazarlarına nəzarət orqanı” ilə əvəz olunub. Ona görə  harada o sözlər varsa, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz olunub. Bu da texniki xarakterlidir və səsə qoyulmasını xahiş edirəm.
Sədrlik edən.  Sağ olun, təşəkkür edirəm. 33-cü məsələ “Dövlət borcu haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Ziyad müəllim, Sizin komitədə müzakirə olunub, buyurun, məlumat verin. 
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, artıq Əli müəllim qeyd etdi, bu da texniki xarakterli dəyişiklikdir.
Sədrlik edən.  Mahiyyətini deyin.
Z.Səmədzadə. “Mərkəzi Bank” ifadəsi “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilir.
Sədrlik edən. Xahiş edirəm, Mülki Məcəlləyə dəyişikliklər edilməsi ilə əlaqədar məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.29 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 33-cü məsələyə – “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.29 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.  
Nəhayət, bu zərfə daxil olan  34-cü məsələyə – Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanunu layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.30 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun  layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim,  bu kiçik bir düzəlişdir, amma müəyyən əhəmiyyət kəsb edir. Belə ki, mövcud qanunvericiliyə görə əgər ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qaydasında tətbiq olunubsa, bu məhdudlaşdırılmanın götürülməsi də  2 gün müddətində məhkəmə qaydasında həyata keçirilir.
Hesab edirəm ki, cənab Prezidentin təqdim etdiyi qanun layihəsi yaranmış o narahatçılığı aradan qaldırır, çünki əgər məhdudlaşdırmanın götürülməsi ilə bağlı müvafiq orqan tərəfindən  qərar qəbul olunubsa,  dərhal belə bir məhdudiyyət aradan qaldırılmalıdır. Yəni bundan ötrü yenidən məhkəmə proseduruna, 2 gün  müddətində baxılmasına ehtiyac qalmır. Ona görə Mülki Prosessual Məcəllənin 255-7-ci maddəsinin çıxarılması təklif olunur. Mülki Prosessual Məcəllə Vergi Məcəlləsinə etdiyimiz 2016-cı il 30 sentyabr düzəlişinə uyğunlaşır. Bu tamamilə vətəndaşların xeyrinədir, ona görə ki, 2 günlük müddət artıq olmayacaq. Yəni dərhal vergi orqanı belə bir məhdudiyyəti aradan qaldırmalıdır. Sağ olun.
Sədrlik edən.  Sağ olun, aydındır. Əgər çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.32 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Əli müəllim, mən bilən, 36-cı məsələ çıxarılıb?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bilirsiniz ki, bu çox əhəmiyyətli məsələ idi, komitədə də geniş müzakirə olundu. Sadəcə, müzakirə zamanı  Miqrasiya Məcəlləsinə ediləcək dəyişikliklə bağlı həm sərhəd qoşunlarından, həm də miqrasiyadan nümayəndə dəvət olunmuşdu. Ediləcək dəyişikliklərin sürətli tətbiqi ilə bağlı bir qədər müddət xahiş olundu. Ona görə layihə müvəqqəti olaraq  gündəlikdən çıxır və biz mütləq  buna qayıdacağıq.
Sədrlik edən. Onda Əli müəllim, buyurun, 37-ci məsələ – Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verin.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, sizlərin 2017-ci il 7 mart tarixində səs verdiyiniz “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna əlavələr və dəyişikliklər mövcuddur. O, kifayət qədər əhəmiyyətli idi. Bir çox millət vəkilləri də onun zəruriliyi ilə bağlı çıxış etmişdilər. Amma o qanunun işləməsi, tətbiqi, təbii ki, Mülki Prosessual Məcəllədən asılıdır.
Ona görə də Milli Məclis Aparatının hüquqşünaslarının köməkliyi ilə bizim komitə tərəfindən Mülki Prosessual Məcəlləyə “İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat” adlanan yeni 40-5-ci  fəsil işlənib hazırlanmışdır. Bu kifayət qədər mükəmməl bir sənəddir və sizlərdən ona səs verməyinizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.34 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
38-ci məsələ “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilov, buyurun.
R.Xəlilov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Təşəkkür edirəm, Ziyafət müəllim. Məlumat üçün bildirirəm ki,  Regional məsələlər komitəsinin  tərkibində işçi qrupu yaradılmışdır. İşçi qrupunun tərkibinə həm bələdiyyə üzvləri, həm də komitə üzvləri daxil edilmişdir.
Hörmətli Ziyafət müəllim, rəhbərliyin köməkliyi ilə işçi qrupu qanunvericilik təşəbbüsü qaydasında bir neçə qanun layihəsi hazırlayıb. Onlardan biri bu gün təqdim etdiyim qanun layihəsidir.
Qanunun “Vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciəti” adlı 30-cu maddədə vətəndaşların həmin orqanlara və onların vəzifəli şəxslərinə müraciət etmək hüququ və müraciətlərə baxılma müddətləri göstərilmişdir. Qanunun 30-cu maddəsinin 2-ci hissəsinin üçüncü abzasında qeyd olunur ki, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında 5 gündən gec olmayaraq arayış verir. Vətəndaşların vaxt itkisini və bu sahədə sui-istifadə hallarının qarşısını almaq və bələdiyyələrin müraciətlərinə operativ cavab vermək üçün təklif olunan dəyişikliklərə zəruriyyət yaranmışdır. Belə ki, maddədə qeyd olunan “5 gündən gec olmayaraq” sözlərinin “1 iş günü müddətində” sözləri ilə əvəz olunması nəzərdə tutulur. Hesab edirəm ki, bu dəyişiklik bələdiyyə-vətəndaş münasibətlərinin daha yaxşı təşkilinə xidmət edəcəkdir. Deputat həmkarlarımdan bu qanun layihəsinə müsbət səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən.  Sağ olun. Qüdrət müəllim çıxış etmək istəyir. Buyurun, Qüdrət müəllim.
Q.Həsənquliyev. Ziyafət müəllim, mən elə bildim ki, bələdiyyələrlə bağlı olduğu üçün 3-ü də bir yerdə müzakirə olunacaq. Qısa təklifim var idi, amma konkret olaraq bununla bağlı deyil.
Sədrlik edən. Bunlar bir zərfdə gəlməyib, ayrı-ayrı qanunlardır. Növbəti qanuna çatanda çıxış edərsiniz. Bu qanunla bağlı çıxış etmək istəyən daha yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.37 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
39-cu məsələ “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  qanun layihəsidir. Regional məsələlər komitəsinin üzvü Malik Həsənov,  buyurun.  Arif müəllim, deyim ki, çox yaxşı praktikadır, komitə üzvlərinə belə şərait yaradırsınız. Çox sağ olun.
M.Həsənov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Çox sağ olun, Ziyafət müəllim. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun “Yerli büdcəyə nəzarət” adlanan 13-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə  uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir. Müzakirəyə təqdim olunan qanun layihəsində nəzərdə tutulur ki, bu maddənin 1-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən 1 ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir”.
Qanuna təklif olunan dəyişikliyin məqsədi ondan ibarətdir ki, bələdiyyənin büdcə vəsaitinə sərf olunmasında şəffaflıq və hesabatlılıq təmin edilsin və eyni zamanda, vəsaitin bələdiyyə büdcəsində nəzərdə tutulduğu kimi xərclənməsi ilə  bələdiyyənin ərazisində yaşayan və vergi ödəyicisi olan insanlar ətraflı tanış ola bilsinlər. Bildirirəm ki, bu dəyişiklik insanlara bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq imkanı yaradacaq və vətəndaşların sosial sifarişlərinin yerinə yetirilməsində vacib amil olan maliyyə intizamının möhkəmlənməsinə xidmət edəcəkdir. Deputat həmkarlarımdan xahiş edərdim, qanun layihəsinə səs versinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Malik müəllim. Azay müəllim, bu qanun layihəsinin müzakirəsinə ehtiyac var? Şəffaflıqdan söhbət gedir də. Bu  normal bir şeydir, bunu müzakirə etməyin nə mənası var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qüdrət müəllim təkid edir. Buyurun, Qüdrət müəllim.
Q.Həsənquliyev.  Ziyafət müəllim, doğrudan da, ciddi müzakirəyə ehtiyac yoxdur. Amma indi informasiya əsridir, hamının evində internet var. Kim gəlib bələdiyyənin qabağındakı lövhədən hesabatı oxuyacaq? Bələdiyyələrin internet veb səhifələri var. Bələdiyyələrin qərarları, onların fəaliyyəti ilə bağlı bütün informasiyalar internet səhifəsində yerləşdirilsin. Hamı evində internetə girib baxsın. Burada biz qeyd edə bilərik ki, kənd yerlərində, internetin olmadığı yerlərdə, bəli, həmin lövhələrdə o məlumatlar yerləşdirilə bilər. Amma burada mütləq qeyd olunsun ki,  həmin məlumatlar 1 ay müddətində bələdiyyələrin internet veb səhifələrində, internet olmayan yerlərdə isə bələdiyyə binasının qarşısındakı lövhələrdə yerləşdirilir. Sağ olun.
Sədrlik edən.  Bu nə deməkdir, mən anlaya bilmədim, sözün düzü. Qüdrət müəllim dedi,  şəhərlərdə, internet olan yerlərdə, sözsüz ki, bu imkan var. Amma indi bu, yəqin ki, kənd yerləri üçün nəzərdə tutulub.  Kimdə internet varsa, buyursun, internetlə baxsın. Olmayan yerdə nə etməlidir? Lövhəyə vurulur, getsin, baxsın. Burada qeyri-adi bir şey yoxdur. Əsas odur ki, insanlar məlumatlı olsun. Məqsəd bundan ibarətdir.
Xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 17.41 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, bugünkü gündəliyin axırıncı məsələsi Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Komitə sədri Arif Rəhimzadə məlumat verəcək. Buyurun, Arif müəllim.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, hörmətli iclas iştirakçıları! Müzakirəyə təqdim olunan qanun layihəsinin mövzusu barədə Milli Məclisin kifayət qədər məlumatı var. Ona görə çox qısa danışacağam.
Bildiyiniz kimi, 2007-ci ildə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” və 2015-ci ildə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Müzakirə edəcəyimiz qanun layihəsi bələdiyyə üzvlərinin  etik davranış qaydalarının müəyyənləşdirilməsini nəzərdə tutur. Layihənin məzmununda, strukturunda və normalarında adını çəkdiyim qanunlarla eynilik mövcuddur. Əlbəttə, bələdiyyələrin seçkili orqan kimi xüsusiyyətləri də ehtiva olunur.
Layihə 3 fəsildən, 17 maddədən ibarətdir. “Ümumi müddəalar” adlanan I fəsil qanunun əhatə dairəsini və məqsədlərini müəyyən edir.
II fəsildə bələdiyyə üzvünün peşəkarlıq və fərdi məsuliyyətinin artırılmasının, onun insan hüquq və azadlıqlarına, şəxslərin qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna  hörmətlə yanaşmasının hüquqi mexanizmləri müəyyənləşdirilir. Burada bələdiyyə üzvünün fəaliyyətində qərəzsiz olmasına, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və güzəştlərin əldə edilməsinə yol verilməməsinə, korrupsiyanın, maraqların toqquşmasının qarşısının alınmasına, əmlakdan və məlumatlardan istifadəyə, ictimai və siyasi fəaliyyətə aid qaydalar öz əksini tapmışdır.
III fəsildə etik davranış qaydalarına əməl olunmasına, nəzarətin formaları, etik davranış qaydalarının pozulmasına görə məsuliyyətin və intizam məsuliyyətinin növləri müəyyənləşdirilmişdir. Qanunun qəbul olunması yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun yüksəldilməsini, vətəndaşların bələdiyyə üzvlərinə inamının artırılmasını və bələdiyyə  üzvlərinin qanunla müəyyən edilmiş vəzifələrinin icrası ilə bağlı məsuliyyətinin gücləndirilməsini təmin edəcəkdir.
Qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunubdur. Regional məsələlər komitəsində baxılıb və sizin müzakirənizə çıxarılır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Deputat həmkarlarımız çıxış üçün yazılıblar. Ona görə xahiş edirəm, bir az səbirli olaq. Azay Quliyev, buyurun.
A.Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mənim bir neçə təklifim və bir neçə sualım olacaq. Əslində, bu qanun layihəsi çox mühüm bir sənəddir və hesab edirəm ki, bayaq hörmətli Arif müəllim qeyd etdiyi kimi, bu, bələdiyyələrdə şəffaflığın və hesabatlılığın artırılması və bir çox digər qurumlara da nümunə olma baxımından  yeni mühitin yaradılmasına öz töhfəsini verəcəkdir.
Mən əvvəlki qanun layihəsi ilə bağlı da qısa bir fikrimi bildirim.  Hörmətli Qüdrət müəllim təklif etdi ki, bu məlumatlar internetdə  yerləşdirilsin. Əslinə baxanda bu, doğru bir yanaşmadır. Amma problem ondadır ki, bu gün 1607 bələdiyyədən, – indi, ola bilsin, bu say bir az aşağı, bir az yuxarıdır, – cəmi 50-sinin internet səhifəsi var. Biz çalışmalıyıq ki, hər bir bələdiyyənin internet səhifəsi olsun və ümumiyyətlə, bundan sonra bələdiyyələr xidmətləri “online” rejimdə təqdim etsinlər. XXI əsrdə, 2017-ci ildə əgər cəmi 50 bələdiyyənin internet səhifəsi varsa, bu, ciddi sualdır və bizi narahat etməlidir.
İndi isə bu qanun layihəsi ilə bağlı təkliflərimi vermək istəyirəm.  Deməli, 2-ci maddə “Qanunun məqsədləri” adlanır. Təklif edirəm ki, 2.0.2-ci maddədə “yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması” sözlərindən  sonra “hesabatlığın artırılması” da əlavə olunsun. Çünki şəffaflıq və hesabatlıq yaxın, qohum məfhum olsa da, fərqli-fərqli anlayışlardır və bu gün bələdiyyənin etik kodeksinin müəyyənləşdirilməsində hesabatlıq məsələsi xüsusi rol oynayır.
Növbəti deyəcəyim məsələ 15-ci maddə ilə bağlıdır. Burada etik davranış qaydalarına əməl olunmasına nəzarət bələdiyyə sədrinə həvalə olunur. Təbii ki, bu, normal yanaşmadır. Amma sual ondan ibarətdir ki, bəs bələdiyyə sədrinin fəaliyyətinə kim nəzarət edəcək? Yəni bu gün bələdiyyə sədrinin etik davranışına, ümumiyyətlə, onun etik qaydalara əməl etməsinə kim nəzarət edəcək? Ola bilər, burada deyilsin ki, Ədliyyə Nazirliyinin müvafiq qurumu, yaxud da bələdiyyə üzvləri bunu edəcək, amma buna müəyyən bir formada aydınlıq gətirilməlidir. Hesab edirəm, layihədə bu məsələ açıq qalıbdır.
16-cı maddə “Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət” adlanır. 16.2-ci maddədə göstərilir ki, aşağıdakı hallarda intizam icraatına başlanıla bilər. Birinci, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında, ikinci, kütləvi informasiya vasitələrində bələdiyyə üzvü tərəfindən bu qanunun müddəalarının pozulması və  maraqların toqquşmasına yol verildiyi barədə məlumatın dərc edilməsi ilə bağlı. Əlbəttə, hər iki müddəa kifayət qədər legitim müddəalardır, biz bunu praktikada  dəfələrlə tətbiq etmişik.
Hüquqi və fiziki şəxslərın müraciəti əsasında hər hansı bir araşdırma başlanılması kifayət qədər aydındır, çünki burada şəxsin kimliyi bəllidir. Amma mediada isə bu bir az fərqli yozula bilər. Əlbəttə, bu gün medianın rolu çox önəmlidir. Hamımız dəstəkləyirik və etiraf edirik ki, bu gün ictimai nəzarətin həyata keçirilməsində müstəqil medianın böyük rolu var. Amma təəssüf ki, eyni fikirləri bütün media haqqında demək mümkün deyildir. Yəni bu gün söhbət reytinq mətbuatından, sarı mətbuatdan gedir. Bu gün kim isə anonim yazılarla hər hansı bir bələdiyyə üzvü haqqında əsassız və həqiqətə uyğun olmayan məlumat yerləşdirə də bilər və bundan sonra intizam icraatı başlanıla bilər.
Buna görə də hörmətli Arif müəllim, təklif edərdim ki, bu icraat mexanizmində kifayət qədər müdafiə elementləri olsun. Yəni bələdiyyə üzvü hər hansı bir formada özünü müdafiə etmək imkanına malik olsun. Bunun üçün apellyasiya imkanları yaradıla bilər. Çünki hər hansı bir intizam tədbiri nəticəsində hətta bələdiyyənin üzvlüyünə son qoyulmaqdan da burada söhbət gedə bilər. Bələdiyyə könüllü şəkildə o üzvlükdən imtina edə bilər. Ona görə mən çox istərdim ki, bu məsələdə müəyyən mənada təqsirsizlik prezumpsiyası çərçivəsində hər hansı bir müdafiə mexanizmi burada tətbiq olunsun və verilən qərarlar kifayət qədər də əsaslandırılsın.
Bir də, bu inzibati icraatı kim aparacaq və hansı formada həyata keçiriləcək? Mən çox istərdim ki, buna da müəyyən aydınlıq gətirilsin. Bütövlükdə hesab edirəm, bu çox maraqlı və əhəmiyyətli bir layihədir. Biz bunu dəstəkləməliyik və  mən buna səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Ümumiyyətlə, mənə elə gəlir ki, artıq etika məsələləri hüquqi müstəviyə keçib. Hətta biz Konstitusiyada da xüsusən deputatların etik davranışı ilə bağlı müəyyən dəyişiklik etmişik. Əgər bu, ümumi ictimai münasibətlər toplusudursa və yaxud davranış tərzidirsə, qeyri-hüquqidirsə və ümumiyyətlə, ümummilli bir məsələdirsə, mənə elə gəlir ki, bir etika kodeksi tərtib etmək lazımdır. Qanun qəbul etmək lazımdır və təkcə bələdiyyələr, Milli Məclis üçün deyil, hər yerdə bu məsələlər var. Ümumiyyətlə, bütün qanunlarda biz, adətən, o anlayışı, tərifi veririk. Tərif veririk ki, bu etika nədir, nə olan şeydir? Hamımız deyə bilərik ki, etika nədir. Amma bunun hüquqi tərifi nədir? Artıq bu, hüquqi məsuliyyətə səbəb olan bir məsələdir axı. Bunun hüquqi tərifi də verilməlidir. Ona görə də mən hesab edirəm ki, hər hansı bir ictimai davranış qaydalarının pozulmasını nəzərdə tutursa, bunun üçün ümumi prinsiplər olmalı və o da aydın olmalıdır.
Azay müəllim 7-ci maddə ilə bağlı müəyyən məsələləri dedi. Ona görə toxunmaq istəmirəm. Qərəzlilik məsələsi. 7.1-ci maddədə qeyd edilib ki, bələdiyyə üzvü vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şərait yaradılmasına yol verməməlidir. Bu bütün deyilən, sadalanan münasibətlər bələdiyyə üzvləri arasında bəlkə 10 faizdir. 90 faiz, əsas məsələ qohumluq əlaqələridir. Nə üçün bu 90 faiz burada öz əksini tapmır? Onda bura, heç olmasa, “əqidəsinə” sözündən sonra artırmalıyıq. “Digər birlik” sözləri də tam ehtiva etmir, çünki ailənin qohumluğu da müəyyən birlikdir. Heç olmasa, “qohumluq əlaqələrinə” sözləri də əlavə olunmalıdır ki, bu, xüsusi qərəzliyi ifadə edə bilsin.
17-ci maddədə xəbərdarlıq və töhmət kimi intizam məsuliyyəti tədbirləri nəzərdə tutmuşuq. Bax veririk xəbərdarlıq, töhmət. Təkrar-təkrar bu elə həmin  etika qaydaları pozdusa, sonra hansı intizam tədbiri görüləcək? Yaxud kimsə hesab edirsə ki, ona nahaq intizam tədbiri tətbiq olunub, o hara şikayət edəcək, dərdini kimə deyəcək, bu qərardan hansı apellyasiya verəcək?
Ümumiyyətlə, bir məsələ də məni narahat edir. 17.4-də. Əgər bələdiyyə üzvü özü bələdiyyə iclasında istefa ərizəsi verirsə, o zaman buna tətbiq olunmur. Axı bu xəta varsa, xətaya görə cəza da nəzərdə tutulmalıdır. Bu axı hüquqi bir məsələ deyil ki, sən ərizə verib çıxırsan, daha sənə tətbiq oluna bilməz. Kim isə, həqiqətən, cəzalanmalı olduğu halda cəzalanmamış vəziyyətdə qalır. Ona görə də istəyirəm ki, bu məsələlər bir qaydaya qoyulsun. Ümumilikdə qanun layihəsinə səs verəcəyəm, amma bu dediklərimi nəzərə almaq lazımdır. Mən düşünürəm ki, heç olmasa, intizam məsuliyyətilə bağlı... Belə ola bilər ki, biz ictimai qınaq verək, bununla kifayətlənək. Bir halda ki, bu kifayət etməyəcək, təkrarlanan davranışların hamısını əhatə etməyəcək, bəlkə heç cəzalar tətbiq etməyək. Hər halda böyük iş görülüb, Arif müəllimə, o komitəyə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun, Ziyafət müəllim. Mən də qanun layihəsini dəstəkləyəcəyəm, çox vacib və aktual bir məsələdir. Hesab edirəm, bu qanun layihəsinin qəbul olunması bu sistemdə müəyyən etik davranış qaydalarının tənzimlənməsinə özünün müsbət təsirini göstərəcək, amma bəzi maddələrlə bağlı fikirlərimi söyləmək istəyirəm.
Bir az öncə çox hörmətli Arif müəllimlə bu məsələni  müzakirə edəndə dedim ki, Arif müəllim, biz etik davranış qaydalarına əməl olunmasına nəzarəti sədrə veririk. Sədr buna nəzarət edəcək. Bəs sədrin əməllərinə, bu istiqamətdə pozuntularına kim nəzarət edəcək? Arif müəllim söylədi ki, bu istiqamətdə Ədliyyə Nazirliyində bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqan var və sair. Mənim fikrim bundan ibarətdir ki, biz, ümumiyyətlə, bələdiyyə üzvləri ilə bağlı bunu qəbul ediriksə, məlumdur ki, bələdiyyə sədri də ilk öncə, bələdiyyə üzvü olur, sonra o üzvlər arasından sədr seçilir. Ona görə sədrin etik davranış qaydalarını pozmasına nəzarət kim tərəfindən həyata keçiriləcək, necə olacaq kimi məsələlərin qanun layihəsində daha aydın şəkildə yazılması vacibdir.
İkinci məsələ “İntizam məsuliyyətinin növləri” adlı 17-ci maddə ilə bağlıdır. 17.2-ci maddədə yazılır ki, intizam tənbehi tətbiq edilərkən bələdiyyə üzvünün şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Mən hesab edirəm ki, bu, bir az qeyri-müəyyəndir. Mən əgər etik davranış qaydalarını pozmuşamsa,  kollektivdəki nüfuzumun mənim cəzama nə aidiyyəti var? Əgər kollektivdə nüfuzu varsa, o qaydaları pozmasın. Bir də, kim müəyyənləşdirəcək ki, onun kollektivdə nüfuzu nə qədərdir? Kollektivdə nüfuz da intizam məsuliyyətinə özünün təsirini göstərəcək.
Və ya götürək peşəkarlıq səviyyəsini. Kim müəyyənləşdirəcək ki,  bələdiyyə üzvləri arasında bu nə qədər azdır, nə qədər  çoxdur? Mən hesab edirəm ki, əgər bu istiqamətdə pozuntu varsa, hamı  eyni məsuliyyəti daşımalıdır. Yəni burada şəxsiyyətin kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi kimi amillər rol oynamamalıdır, çünki bu məsələlərin  heç nəyə aidiyyəti yoxdur. Mənim cəmiyyətdəki nüfuzum, peşəkarlığım əsas vermir ki, etik davranış qaydalarını pozum və bu da mənim məsuliyyətimi bir az yüngülləşdirsin və ya ondan azad etsin. Ona görə bu məsələlərin burada belə vurğulanması nə qədər əsaslıdır bunu da dinləmək istəyərdik.
Sonra, 17.1-də qeyd edilib ki, məsuliyyət tədbirlərinin biri tətbiq edilə bilər. Gəlir xəbərdarlıq, sonra töhmət və bununla da bitir. Sonra nə? Bələdiyyə üzvlərindən kimsə bunu təkrar-təkrar pozacaq. Töhmət, töhmət, töhmət. Bəs sonra? Bu əgər  davamlı şəkildə pozulursa, bununla bağlı  məsuliyyət, hesab edirəm, daha da artırılmalıdır.
Deyəcəyim digər məsələ elə həmin maddə ilə bağlıdır. Bu qanunda çox gözəl şəkildə yazılıb ki, bələdiyyə üzvləri hansı məqamlarda tənqidi fikirlərini söyləyə bilər və sair. Məsələn, yazır ki, qanunsuz əməllərlə bağlı fikirlərini açıq şəkildə söyləyə bilər. Bu bir az bələdiyyə sədrlərinə  imkanları daha da genişləndirir. Yəni reallığı nəzərə alsaq, kim onun əleyhinə, qanunsuz  fəaliyyətinə fikir söylərsə, onun məsələsini etik davranış qaydaları pozuldu deyə çıxara bilər və sair. Mən də Azay müəllimin, Tahir müəllimin fikirləri ilə razıyam ki, bu qanunda apellyasiya şikayəti imkanları mütləq nəzərdən keçirilməlidir. İnsanların  məsələnin nə qədər əsaslı olub-olmamasını, özünü müdafiə edə bilmə imkanları bəlkə bir az da genişləndirilməlidir. 
Sədrlik edən. Sağ olun. Kamran Bayramov.
K.Bayramov. Çox sağ olun, Ziyafət müəllim. Mən həmkarlarım tərəfindən qaldırılmış məsələlərə qısaca olaraq aydınlıq gətirmək istərdim. İlk növbədə Qüdrət müəllimin qaldırdığı məsələ barədə deyim ki,  haqlı idi, bu məsələni, yəni audit haqqında hesabatı  elektron poçt vasitəsi ilə yaymaq olardı. Sadəcə olaraq, bu dəyişikliyin əsas məqsədi ondan ibarətdir ki, bələdiyyənin ərazisində yaşayan vətəndaşlar, əmlak mülkiyyətçiləri, yerli vergi ödəyiciləri, heç olmasa, gəlib bələdiyyənin binasını tanısınlar. Əslində, bu dəyişiklik daha çox bələdiyyə–vətəndaş münasibətlərinin dərinləşməsi, vətəndaşların  bələdiyyələrin fəaliyyətində daha yaxından iştirak etməsi məqsədini daşıyır.
Eyni zamanda, hörmətli Azay müəllimin təkliflərinə bir aydınlıq gətirmək istərdim. O, hesabatlılıq məsələsinə toxundu. Bildirmək istərdim ki, “Bələdiyyələrin statusu haqqında” Qanunda bələdiyyə üzvlərinin hər 6 aydan bir öz seçiciləri qarşısında hesabat vermək vəzifəsi nəzərdə tutulmuşdu və bu baxımdan da bu qanunda həmin müddəanın təkrar olunması o qədər də məqsədəuyğun deyildi. Ona görə ki, digər qanunvericilik aktında bu məsələ öz əksini tapmışdır.
Bir neçə həmkarım sədrin intizam məsuliyyətinə cəlb olunması, ümumiyyətlə, onun davranışı ilə bağlı məsələlərə toxundular. Bəli, 15.2.1-ci maddədə belə bir müddəa qeyd olunub ki, bələdiyyə sədri öz davranışı ilə etik davranış qaydalarına əməl olunmasına nümunə göstərməlidir. Məlumat üçün bildirim ki, “Bələdiyyələrin statusu haqqında” Qanunun 16-cı maddəsində bələdiyyənin iclaslarının çağırılması qaydası müəyyən olunub. Bələdiyyə sədrindən başqa bələdiyyə ərazisində yaşayan və səs hüququna malik olan vətəndaşların 25 faizinin və ya bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə iclaslar çağırıla bilər. Təbii ki, əgər sədrlə bağlı hər hansı bir pozuntu qeydə alınarsa, bələdiyyə üzvlərinin üçdə bir hissəsi həmin iclası çağıra bilər və sədrin  məsələsini həmin iclasda qoya bilər. Burada heç bir problem yoxdur. Sadəcə olaraq, təkrar olmasın deyə burada bu müddəa öz əksini tapmamışdır.
Bundan da başqa, müdafiə etmək hüququ ilə bağlı bir məsələyə də toxundular. Burada da eyni məsələdir. İndi deyirlər ki, yuxarı orqana müraciət etmək, apellyasiya şikayəti vermək hüququ olmalıdır. Hamıya məlumdur ki, bələdiyyənin yuxarı orqanı yoxdur, vətəndaşlar tərəfindən seçilmiş müstəqil qurumlardır. Bəziləri çaşdırır, yuxarı orqan kimi Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzini qeyd edirlər. Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqandır, onun tabeçiliyində deyil. Bu səbəbdən də, təbii ki, ümumi qanunvericiliyi nəzərə alsaq, hər bir şəxsin, o cümlədən bələdiyyə üzvünün  inzibati icraatla bağlı onu qane etməyən qərar qəbul olunarsa, məhkəməyə müraciət etmək hüququ var. Bu, qanunvericilik aktlarında ayrıca öz əksini tapmışdır və bu səbəbdən də qanun layihəsinə salınmamışdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Kamran müəllim, təşəkkür edirəm. Fəzail müəllim, Siz, sözsüz ki, qanun layihəsini müzakirə edəcəksiniz, biz hamımız dəstəkləyəcəyik, bilirəm. İcazənizlə,  bir fikrim var, onu demək istəyirəm. Hörmətli Arif müəllim, mənim bir təklifim var, xahiş edirəm, onu qeyd edəsiniz. Bunun adı “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” Qanundur. Yəni bu qanunun əsas fəlsəfəsi etik davranışdır. Bələdiyyə üzvünün etik davranışı nədir?
Biz bunu müəyyən etmək üçün birinci növbədə müəyyən etməliyik ki, etik davranış nədir? Çünki bu “etik davranış” anlayışı iki xarakter daşıyır. Etikadan biz bunu keçmişik, mənəvi kateqoriyadır. Yüksək əxlaqi keyfiyyətlərə, mənəviyyata, mədəniyyətə, tərbiyəyə malik olan insanlar etikalı insanlar hesab olunur. Deyək ki, metroda bir şəxs qadına yer vermirsə, biz onu yalnız ictimai məzəmmət edə bilərik. Amma biz bunu hüquqa gətiririksə, bu, artıq hüquqi nəticə doğurur. Hüquqda “etik davranış” nədir? Mən hesab edirəm ki, bunun anlayışı burada verilsə, daha yaxşı olar. Yəni biz  onun hansı hüquqi nəticələr doğuracağını bilək, məsuliyyəti müəyyən edək. Yəni hüquqi mənada biz bunun anlayışını bilməliyik. Ona görə  hesab edirəm ki, “etik davranış” anlayışını biz burada versək, daha yaxşı olar. Mənim  təklifim bundan ibarətdir, xahiş edirəm, bunu nəzərə alasınız. İcazənizlə, Arif müəllimə də söz verək və bununla da yekunlaşdıraq. Arif müəllim, buyurun.
A.Rəhimzadə. Sağ olun. Mən hesab edirəm, bu suallara Kamran müəllim kifayət qədər  cavab verdi. Mən də bir-iki məsələyə diqqət yetirmək istəyirəm. Birincisi, təklif olunur ki, hesabatlar internetdə  dərc olunsun və görünsün. Hazırda bütün bələdiyyələrin internet portalı yaradılıb, onlar ora müəyyən məlumatları verirlər. O məlumatlara nəzarət olunur, onların maliyyə vəziyyəti, xərcləri və sair. Şəhər bələdiyyələrinin hamısının saytları var. Ancaq hazırda  kənd bələdiyyələrində bu yoxdur. Bunun qısa müddət ərzində yaradılmasını tələb etmək  qeyri-real bir məsələdir.
İkinci məsələ mövzuya aid olmasa da, mən deməliyəm. Biz internetə  həddindən artıq diqqət yetiririk, ancaq iş burasındadır ki, internetdə də dərc olunan lazımlı məsələlərə çox vaxt laqeydlik edirik. Mən üzr istəyirəm, mövzudan bir az kənara çıxıram. Oleq Kuznetsov adlı bir nəfər var. Rusiyada yaşayır, elmlər doktorudur, bir universitetin prorektorudur. Erməni terrorizmi ilə əlaqədar çoxlu məqalələr, kitablar yazıbdır. O, mart ayında dumaya bir petisiya hazırlayıb ki, Xocalı soyqırımı Rusiya Duması tərəfindən qəbul edilsin.
Komitəmiz 10 gün ərzində bütün institutlara  zəng eləyib, Azay müəllimə də demişik. Saytları olan bütün yerlərə çatdırmışıq ki, bununla əlaqədar bir balaca fəallıq göstərsinlər, ona dəstək versinlər. Ancaq açığını deyim, o qədər laqeydlik var ki. Mən demək istəyirəm ki, biz internetə  çox da  ümid etməyək. Kamran müəllimin dediyi kimi,  auditin nəticəsini binanın qabağından asmaq  camaatı ora cəlb edəcək,  müəyyən əlaqələr yaradılacaq.
Biz Etik davranış qaydaları haqqında qanun qəbul edirik. Bu o demək deyil ki, bizim digər qanunvericilik aktlarımız bununla bağlanır. Bizim, demək olar ki, bələdiyyələrin fəaliyyəti ilə əlaqədar qanunlarımız artıq var. Ondan savayı, Cinayət Məcəlləsi, digər  qanunvericiliyimiz bələdiyyələrə də aiddir. Bələdiyyələrin əsasnaməsi var. Orada  yazılıbdır ki, düzgün hərəkət etməyəndə hansı addımları atmalıdırlar. Bu da qurtarandan sonra, misal üçün, bələdiyyə üzvü bələdiyyə rəhbərinin fəaliyyətindən narazıdırsa, o, müraciət edir Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə. Orada yoxlamalar aparılır və lazımi tədbirlər görülür.
Mən demək istəyirəm ki, Etik davranış qaydaları haqqında qanun bizim bütün  qanunvericiliyi əvəz edən bir şey deyil. Bu yalnız etikadan danışır. Mən sizinlə tamamilə raziyam ki, “etik davranış qaydaları”nın  izahatını  bir maddədə verək. Ancaq eyni zamanda, yenə təkrar edirəm ki, etik davranış qaydaları o demək deyil ki, bizim bütün qanunvericiliyimiz buna tabe olmalıdır. Bu yalnız onun bir hissəsidir. Cinayət məsuliyyəti,  düzgün olmayan hərəkətləri varsa, müvafiq qanunlar var.  O yolla məsələ həll olunmalıdır. Nəhayət, əsasnaməsi, “Bələdiyyələrin statusu haqqında” Qanun var. O qanunlar bu məsələnin hamısını tənzimləyir. Mən  burada səslənən təkliflərə görə minnətdarlığımı bildirirəm. O təklifləri götür-qoy edəcəyik və lazımi düzəlişlər aparacağıq. Sağ olun.
Sədrlik edən. Siyavuş müəllim, yekunlaşdırın.
S.Novruzov. Təşəkkür edirəm, Ziyafət müəllim. İki məsələ ortaya çıxdı, ona görə münasibət bildirməyi özümə borc bildim. Birinci məsələ.  Arif müəllim qeyd elədi, bələdiyyələrin qarşısında seçki lövhələri var, orada asıla bilər. İstənilən vətəndaş da gəlib onunla tanış ola bilər.  Amma Kamran müəllim deyir ki, bələdiyyəni seçənlər bələdiyyə binasını tanımırsa, onda artıq seçilənlər  şübhə altına düşürlər. Necə ola bilər ki, o, bələdiyyə seçir, amma bələdiyyələrin, nümayəndələrin binasını tanımır.
İkinci bir məsələ. Sədrlərin məsələsini deyir. Kənd rayonunu,  kəndi götürmürük. Xətai rayonunda 110 min seçici var. Biz onda 110 min seçicinin 25 faizini, ya da üçdə birini stadiona yığıb bələdiyyə sədrinin etik davranışını müzakirə eləməliyik. Bu, təxminən 30–40 min seçici deməkdir. Ona görə də bunun bir düzgün yazılışını tapın və gələn müzakirələrdə xahiş edirəm, onu təqdim edin. Sağ olun.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Mən yenə qeyd eləmək istəyirəm ki, bu birinci oxunuşdur. İkinci oxunuşa qədər yəqin ki, deyilən təkliflər, iradlar nəzərə alınacaq və ikinci oxunuşda bunu daha dərindən müzakirə eləmək imkanımız olacaq. İndi isə xahiş edirəm, qanunun birinci oxunuşda qəbuluna münasibət bildirək.

Səsvermənin nəticələri (saat 18.11 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatdı. Sağ olun.

 

EDİLMƏMİŞ 
ÇIXIŞLARIN MƏTNLƏRİ


7 aprel 2017-ci il
_______________________________________

Aytən Mustafazadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri!
Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2016-cı ilin hesabatı tərəfimizdən dinlənildi.
Bildirmək istərdim ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizdə dahi şəxsiyyətin rəhbərliyi ilə xüsusi komissiya tərəfindən hazırlanmış Konstitusiyamızın üçdə bir hissəsi insan hüquq və azadlıqlarına həsr olunmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin II hissəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Ali qanunun 27-ci maddəsinin I hissəsinə əsasən “hər kəsin yaşamaq hüququ vardır”. Bundan əlavə, insan alverinə qarşı qanunvericilik bazası təkmilləşdirilmiş və bu sahədə işlər davam edir. Təbii ki, milli qanunlarımızla yanaşı, bir çox beynəlxalq sənədlər də ratifikasiya olunmuşdur.
Ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində aparılan bütün islahatlar dəstəklənir və Prezidentin şəxsi nəzarətində saxlanılır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da bu sahədə görmüş olduğu müsbət tədbirlər həm beynəlxalq aləmdə, həm də ölkədə nəzərə çarpacaq qədərdir. 
Diqqətinizə çatdırmaq istərdim ki, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı qanunvericilik bazası kifayət qədər yenilənib, təkmilləşdirilib və bu sahədə işlər aparılır. Bu sahədə də insan alveri, yəni şəxsin cinsi, tibbi və əməyinin istismarı, habelə azadlığının məhdudlaşdırılması və onun iradəsinə zidd olan hallarla bağlı ayrı-ayrı hüquq institutları yaradılmış, onlarla işlər aparılmış və qanunlar təkmilləşdirilmişdir. Bu gün insan alveri bəşəriyyət üçün böyük təhlükədir.
Bu işlərin aparılmasında, təbii ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun da rolu az deyil. Təqdim olunmuş məlumatda göstərilməsi diqqətdən yayınmış və ümumiyyətlə, nəzər yetirilməmiş halları diqqətinizə çatdırmaq istəyirəm:
1. İnternet təhlükəsizliyi problemi, kiberterror, ekstremist təriqətlərin və qrupların iş təklifləri adı altında adam oğurluğu;
2. Məktəbəqədər uşaqlara insan alverinin qurbanı olmamaq üçün lazımi məlumatlandırılma işlərinin aparılması (məsələn, valideynlərdən başqa tanımadığı şəxslərin çağırışına məhəl qoymamaq və sair);
3. Məktəbəqədər və ümumi təhsil müəssisələrinin mühafizəsinin təşkili və gələcək təhlükələrin əvvəldən qarşısının alınması (polislə qorunma);
4. Yuvenal ədliyyənin inkişafı (burada uşaqların dindirilmə şəraiti, onların çəkinmədən fikirlərinin öyrənilməsi);
5. Regionlarda əhalinin maarifləndirilməsi və erkən nikahların və icbari təhsildən yayınma hallarının  gələcəkdə insan alverinə məruz qalma təhlükəsinin çatdırılması;
6. İnsan alveri ilə bağlı cinayət qanunvericiliyi normalarının diqqətə çatdırılması barədə bukletlər, verilişlər, elanlar, plakatlar;
7. Real insan alverinə məruz qalmış uşaqların, gənclərin reabilitasiyası üçün onların xarici dövlətlərdə təhsilinin təşkili;
8. İnsan alverinin mövcud növlərindən hər hansı birini törətmiş şəxsin barəsində çıxarılmış ittiham hökmünün qanuni qüvvəsinə mindikdən sonra yaşayış məntəqələrində yaradılacaq xəbərlər lövhəsinə asılması;
9. İnsan alverinin cinsi istismarı ilə məşğul olan şəxslərin daha ciddi məsuliyyətə cəlb olunması üçün tədbirlərin gücləndirilməsi və əhali arasında asan varlanmanın qarşısının alınması məqsədi ilə maarifləndirmə işləri.

Sədaqət Vəliyeva. Hörmətli həmkarlar, İnsan alverinə qarşı mübarizə üzrə Milli  Koordinatorun illik məlumatını təqdir edirəm, çünki, sözün həqiqi mənasında, bu gün ölkəmizdə aparılan sistemli işlərin, həyata keçirilən qanunvericilik və əməli fəaliyyətin nəticəsi olaraq transmilli cinayətkarlığın təhlükəli növü olan insan alverinə qarşı möhkəm təməl formalaşıb.
İllər öncə insan alverinin qurbanı olmuş insanların şikayəti, acı taleyi haqqında tez-tez eşidərdik. Lakin hərtərəfli işin qurulması, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti ilə bu sahədə uğurlu nəticələr əldə olunub. Hətta beynəlxalq təşkilatlar, dövlətlər hesabatlarında Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən işləri təqdir edir.
Amma bir daha nəzərə almaq lazımdır ki, Azərbaycanın insan alveri üçün ardıcıl mübarizə tədbirləri daha da gücləndirilməlidir. Bu işdə xüsusilə vətəndaş cəmiyyətləri institutları dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidirlər. Əsasən də bu cinayətin qurbanı olmuş insanların psixoloji vəziyyəti, onların cəmiyyətə adaptasiyası fəaliyyətin ən vacib məqamlarındandır.
Bir daha İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını yüksək qiymətləndirirəm.
Hörmətli həmkarlar, “Banklar haqqında” Qanuna edilən dəyişikliklərə toxunmaq istərdim. Aydın məsələdir ki, bank-maliyyə sistemində təkmilləşmə və sağlamlaşma işlərinin aparılması təqdirəlayiq haldır. Lakin bilavasitə vətəndaşlarla əlaqəsi olan bank sistemindəki bəzi məsələlərə də diqqət ayırmaq lazımdır. Mən bunu bankların yüksək faizlərlə kreditlər verməsi və vətəndaşların mülkləri ilə əlaqədar söyləyirəm.
Bu gün çox təəssüflər olsun ki, vətəndaşların hər 10 müraciətindən 3–4-ü banklara olan borclarla əlaqədardır. Kimsə devalvasiya ilə əlaqədar banka olan borcunun 3–4 dəfə yüksəlməsindən, digəri də mülkiyyətinin bank tərəfindən əlindən alınmasından şikayət edir.
Doğrudur, vətəndaş bu və ya digər səbəbdən bankdan kredit götürmək məcburiyyətində qalır. Amma sosial-iqtisadi şəraitdən asılı olaraq insanların gəlirləri artıb-azalır. Əgər dünən vətəndaş gəlirlərinə arxayın olub kredit götürübsə və bu gün imkanı zəifləyib borcunu vaxtında qaytara bilmirsə, bank bundan sui-istifadə edib insanları evsiz-eşiksiz qoymaqda maraqlı olmamalıdır. Şərait yaratmalıdır ki, vətəndaş imkan daxilində borcunu hissə-hissə qaytarsın. Bəlkə bu gün maddi vəziyyəti zəif olan vətəndaş sabah işlərini qurub bankın borcunu bağlayacaq?
Lakin bank vətəndaşın pis günündə onun mülkiyyətini də əlindən alarsa, o zaman həmin insana ikiqat zərbə dəymiş olur. Axı, sonunda bu insanlar öz vətəndaşlarımızdır. Onlara diqqət və qayğı ilə yanaşmaq lazımdır.
Təklifim ondan ibarətdir ki, bankların da sosial məsuliyyəti məsələsi qaldırılsın. İnsanların mənafeləri daha çox müdafiə edilməlidir.
 Hörmətli həmkarlar! Bələdiyyələrin fəaliyyəti ilə əlaqədar qanunvericiliyə edilən dəyişiklikləri əsas gətirməklə bir daha ictimaiyyətin özünüidarəetmə orqanlarına olan münasibətilə bağlı məsələlərə toxunmaq istəyirəm.
Çünki artıq 4-cü dəfə seçilmiş bələdiyyələrlə əlaqədar qanunvericilik bazası möhkəmləndirilsə də, onların həm ölkə daxilində, həm də xaricində müvafiq qurumlarla əməkdaşlıq etməsi nəticəsində müsbət təcrübə əldə edilsə də, cəmiyyətimizdə hələ də müəyyən fikir ayrılıqları var. İnsanların bir qismi xüsusi mülkiyyətə görə vergi ödəməkdən yayınır, digər qismi bələdiyyələrin səlahiyyətlərinin olmamasından danışır, bələdiyyələr isə maarifləndirmə aparılmadığı üçün fəaliyyətsizlik fonuna düşür.
Eyni zamanda, bu gün qanunla bələdiyyələrə geniş səlahiyyətlər verilib. Bələdiyyə məktəbini, uşaq bağçasını, idman kompleksini və digər ictimai iaşə obyektlərini yarada bilər. Eyni zamanda, bələdiyyələr istehsal sahəsi, sex və sair yaratmaqla əhatə etdiyi ərazidə məhəllələrin abadlaşdırılmasına töhfə verə bilər. Demək istədiyim odur ki, bələdiyyə və insanlar qarşılıqlı fəaliyyət qurmalıdır. Bu şəbəkə elə işləməlidir ki, qarşılıqlı anlaşma mühiti formalaşsın.
Bütün bunları nəzərə alaraq bələdiyyələrin fəaliyyətini əhatə edən bir neçə təklifimi diqqətinizə təqdim etmək istəyirəm.
Birincisi, bələdiyyələrin tam fəaliyyəti üçün onların mülkiyyətinə dair normativ hüquqi aktların təqdim edilməsi;
İkincisi, bələdiyyələrin yerləşdikləri ərazilər üzrə xəritələrin tərtib edilməsi lazımdır. Bu gün bir çox bələdiyyələrin fəaliyyət göstərdiyi ərazi üzrə xəritələri mövcud deyildir;
Üçüncüsü, bələdiyyələrin fəaliyyətinin konkretləşdirilməsi, məhdudlaşdırıcı halların aradan qaldırılması;
Dördüncüsü, bəzi bələdiyyələrə şəhər ətrafında qəbiristanlıq üçün torpaq sahəsinin ayrılması;
Beşincisi, xüsusi yaradılmış nəqliyyat dayanacağı məntəqələrinin ya bələdiyyələrin nəzarətinə verilməsi baş verməlidir, ya da həmin ərazilərdən yığılmış vəsaitin müəyyən bir hissəsi bələdiyyələrin hesabına köçürülməlidir;
Altıncısı, bələdiyyələrin birləşdirilməsi və vahid idarəetmə sisteminin formalaşdırılması üçün böyük şəhər bələdiyyəsinin formalaşdırılması;
Yeddincisi, müxtəlif istiqamətli sosial mərkəzlərin tikilməsi üçün bələdiyyələrə vəsaitin ayrılması, yaxud inşa edilərək onların balansına verilməsi kimi addımlar atılmalıdır.
Ümumiyyətlə, təkliflərimiz çoxdur. Ümumi məqsədimiz isə ondan ibarətdir ki, bələdiyyələrin fəaliyyətinin sərhədləri genişlənsin, xidmətlərin sayı artsın. Diqqətinizə görə təşəkkür edirəm.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi