2017-ci il 2 may tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VI SESSİYASI İCLASININ

PROTOKOLU № 41

Milli Məclisin iclas salonu.
2 may 2017-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 100
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Aydın İsmiyev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri.
Mahir Qəhrəmanov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Turizm haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında.
3. Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
14. Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov, Azay Quliyev, Qənirə Paşayeva, Zahid Oruc, Qüdrət Həsənquliyev, Hikmət Məmmədov, Çingiz Qənizadə, Siyavuş Novruzov, Fəzail İbrahimli, Aydın Mirzəzadə, Fərəc Quliyev, Əflatun Amaşov, Zeynəb Xanlarova

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

1. Turizm haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli, Əbülfəs Qarayev, Fərəc Quliyev, Ziyafət Əsgərov, Əli Məsimli, Siyavuş Novruzov, Zahid Oruc

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

2. Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov, Vahid Əhmədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Sevinc Fətəliyeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

4. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Sevinc Fətəliyeva, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

5. “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

6. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Musa Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

7. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

8. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ağalar Vəliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

13. Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Ağalar Vəliyev, Vahid Əhmədov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.23 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–11-ci  maddələri qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.24 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Təklif: 12–29-cu maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.25 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.25 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.26 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

14. Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Zahid Oruc, Tahir Kərimli, Ziyafət Əsgərov, Fərəc Quliyev, Fazil Mustafa, Siyavuş Novruzov

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.59 dəq.)
Lehinə 82
Əleyhinə 2
Bitərəf 3
Səs vermədi 2
İştirak edir 89
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

2 may  2017-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 100
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik.
Bildiyiniz kimi, gündəliyimizdə 14 məsələ var. Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Gündəlik təsdiq edildi, çox sağ olun. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müzakirələrə başlamazdan qabaq mən bir-iki kəlmə söz demək istəyirəm. Bildiyiniz kimi, bu il Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında bizim dost və qardaş Türkiyəyə qarşı qeyri-obyektiv bir qərar qəbul olundu. Türkiyə Avropa Şurasının yaranmasının bünövrəsində duran ölkələrdən biridir və 1949-cu ildən bu təşkilatın üzvüdür. 13 il bundan qabaq post-monitorinqə keçmişdir. 
AŞPA-nın tarixində ilk dəfə olaraq Türkiyəni post-monitorinqdən monitorinqə keçirdilər. Bizim də nümayəndə heyəti bu yaz sessiyasında iştirak eləmişdi və bu məsələyə qarşı çıxmışdı. Əgər etiraz eləmirsinizsə, Səməd Seyidov bu sessiya haqqında bizə  qısa bir məlumat versin, sonra müzakirələrə keçək. Buyurun, Səməd müəllim.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri.
Hörmətli Oqtay müəllim, hörmətli həmkarlar! Doğrudan da, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası özlüyündə bütün başqa sessiyalardan fərqlənirdi. Bilirsiniz, biz hamımız uzun müddətdir, bu prosesləri müşahidə edib görürük ki, Avropada islamofobiya, irqçilik, antisemitizim, radikalizm, sözün əsl mənasında, baş alıb gedir. Biz bunu hansısa konkret ölkələr içərisində, müxtəlif siyasi partiyaların bəyanatlarında, hansısa hərəkətlərdə, hansısa təşkilatların mövqelərində, televiziyanı seyr edərkən, radioya qulaq asarkən görür və hiss edirdik. Xüsusilə də bu problem son zamanlar Avropada qaçqın və köçkünlərin sayı artdıqca özünü daha çox göstərməyə başlamışdı. Biz daim beynəlxalq təşkilatların içərisində, ən əsası Avropa Şurası Parlament Assambleyasında belə meyilləri hiss eləmişik, bu haqda Parlament Assambleyasında da danışmışıq ki, bu təşkilatın içərisində ikili standartlar mövcuddur, ümumiyyətlə, Türkiyə və Azərbaycanla münasibətə hansısa başqa prizmadan baxılır, təhlil  və təqdim olunur. Lakin bu yaz sessiyası bəlkə də bu münasibətlərin ən yüksək həddə çatmasını göstərmişdir. Siz tamamilə haqlı dediniz, hörmətli cənab Sədr, bu sessiyada Türkiyənin içərisində demokratik institutların fəaliyyəti ilə bağlı bir məruzə təqdim olundu. Bu məruzə ilə biz ciddi tanış olduq, onu təhlil edərək gördük ki, məruzə öz-özlüyündə, ümumiyyətlə , qəbulolunmazdır.
Mən məruzənin içərisindən bir neçə bəndi hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm. Misal üçün, bütün dünyada, o cümlədən Birləşmiş Millətlər Təşkilatında, Avropa Birliyində, hətta Avropa Şurasının özündə belə terrorist təşkilat kimi tanınan PKK bu məruzədə heç də bu istiqamətdə təhlil olunmurdu. Bir neçə müddət bundan əvvəl Türkiyədə baş tutmamış dövlət çevrilişi terrorist qüvvələr tərəfindən həyata keçirilmiş bir addım kimi təqdim olunmurdu. Yaxud bir müddət bundan əvvəl Türkiyədə  təşkil olunmuş və türk xalqının birmənalı şəkildə öz münasibətini bildirdiyi referendum  heç də birmənalı təhlil olunmurdu. Bu da az deyilmiş kimi, həmin məruzənin sonuncu bəndinə, Sizin də qeyd etdiyiniz kimi, 1949-cu ildə Avropa Şurası Parlament Assambleyasının yaradılmasında iştirak edən və 13 il bundan əvvəl monitorinqdən post-monitorinqə keçirilmiş Türkiyənin yenidən  Avropa Şurasının tarixində ilk dəfə olaraq post-monitorinqdən monitorinqə qaytarılması ilə bağlı bir müddəa daxil edildi və bu müddəa ətrafında ciddi müzakirələr başladı.
Etiraf etmək lazımdır ki, Türkiyə nümayəndə heyətinin bütün üzvləri, – burada xüsusi qeyd etmək istəyirəm, – iqtidarlı, müxalifətli Türkiyənin post-monitorinqdən monitorinqə keçirilməsinin lehinə deyildilər. Əksinə, əleyhinə çıxış etdilər. Bununla yanaşı, bəyan etdilər ki, biz bu tənqidi, faktiki qəbulolunmaz bir məruzə ilə işləməyə hazırıq, tənqidi məsələləri qəbul etməyə hazırıq, fikir mübadiləsi aparmağa hazırıq. Lakin siz ölkəni post-monitorinqdən monitorinqə keçirməklə  Avropadan ayırmaq, Türkiyəyə qarşı işləyən qüvvələrə dəstək vermək, Avropada və Türkiyədə daha çox problem yaratmaq istiqamətində fəaliyyət göstərirsiniz. Çox təəssüflər olsun ki, Avropa Şurası Parlament Assambleyasının iclasında Türkiyə nümayəndə heyətinin bəyanatı, çıxışları nəzərə alınmadı və Avropa Şurası Parlament Assambleyası qərar verərək Türkiyənin post-monitorinqdən yenidən monitorinqə qaytarılması ilə bağlı qərar qəbul etdi. Faktiki olaraq bu öz-özlüyündə qəbulolunmaz bir məsələdir və biz bunu çox gözəl başa düşürük ki, Türkiyə nümayəndə heyəti niyə məhz bu sessiyada öz bəyanatını yayaraq aşağıdakı fikirləri o bəyanatda ifadə etdi. Mən onları  sizə qısa şəkildə artıq çatdırdım, bir də çatdırmaq istəyirəm.
Avropa Şurası Türkiyəyə qarşı elan olunmuş müharibədə terrorist təşkilatının terror fəaliyyətini düzgün qiymətləndirmədiyinə görə, dövlət çevrilişi ilə bağlı Türkiyədə yaranmış problemləri düzgün təhlil etmədiyinə görə və ümumiyyətlə, Türkiyənin  post-monitorinqdən monitorinqə keçirilməsi ilə bağlı Türkiyə nümayəndə heyəti Avropa Şurasının yaz sessiyasında iştirak etməkdən imtina etdi. Bu bəyanatı Türkiyə nümayəndə heyətinin rəhbəri Talib Küçükcan yaydı və bundan sonra Türkiyə nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında iştirak etməmək haqqında bəyanat verdi.
Əziz dostlar və həmkarlar, görürsünüz, Avropa Şurasında yaranmış bu vəziyyət bu gün ikinci ən böyük ölkələrdən biri olan Türkiyəni buna vadar etdi. Bir neçə müddət bundan əvvəl, siz bilirsiniz ki, Rusiya Federasiyası da Avropa Şurası Parlament Assambleyasında işləməkdən imtina etmişdi. İndi isə bunu Türkiyə etdi. İmtina etməklə də faktiki olaraq Avropa Şurası Parlament Assambleyasının böyük bir böhran içərisində olduğunu bizə göstərdi.
Bu da az deyilmiş kimi, hörmətli həmkarlar, biz bir nümayəndə heyəti olaraq Avropa Şurasının insan haqları üzrə müvəkkili cənab Muyjnieksin çıxışında ikili standartların canlı şahidi olduq. Nümayəndə heyətinin üzvü Vüsal Hüseynov Ermənistanda insan haqlarının kobud şəkildə pozulması və hətta qeyri-dövlət təşkilatlarının nümayəndəsinin birinin aclıq elan edərək faktiki ölümü haqqında bu şəxsə sual vermişdi. Siz bir anlığa bu məsələyə diqqət yetirin, suala cavab: “Ermənistanda bütün Avropa ölkələrində olduğu kimi, hansısa nöqsanlar ola bilər, ancaq Azərbaycanda siz bilirsiniz, hansı proseslər baş verir”. Bu da bizə qarşı qeyri-obyektiv münasibət. Ona heç Azərbaycandan sual verilməmişdi. Bizim nümayəndə heyətinin üzvlərinə, onların verdikləri suallara, ümumiyyətlə,  Azərbaycana qarşı qeyri-obyektiv münasibət göstərən bu şəxs məhz özünün çıxışı ilə Avropada, yəni Fransada, Almaniyada, Hollandiyada, başqa ölkələrdə yaşayan insanları, azərbaycanlıları, o cümlədən də türkləri məcbur etdi ki, ilk dəfə olaraq Avropa Şurasının qarşısında  həmin münasibətə qarşı, ikili standartlara qarşı möhtəşəm bir nümayiş keçirsinlər.
Mən burada bəyan etməliyəm ki, o nümayişdə iki bayraq, Azərbaycanın və Türkiyənin bayraqları dalğalanırdı. Avropa Şurasında ikili standartların, qeyri-obyektiv münasibətlərin mövcudluğu bu sessiyada  özünü o dərəcədə mənfi şəkildə göstərdi ki, hətta Avropa Şurası Parlament Assambleyasının sədri belə işdən kənarlaşdırılması ilə bağlı cəhdlərlə rastlaşdı. Bu bir də onu göstərdi ki, Avropa Şurasının Parlament Assambleyası dərin bir böhran içərisindədir. Bu böhranın əsas səbəblərindən biri içərisində olan destruktiv qüvvələrin Azərbaycana, Türkiyəyə, obyektivliyi axtaranlara, öz sözünü demək istəyənlərə, müstəqil çıxış etmək niyyətində olan ölkələrə qarşı ikili standartlarla və qeyri-obyektiv yanaşma ilə müşahidə olunan münasibətidir.
Ona görə də mən, hörmətli Sədr, Sizdən də, hörmətli millət vəkillərindən də xahiş edirəm ki, bu ciddi məsələlər ilə bağlı öz xarici fəaliyyətinizdə təhlil apararaq birmənalı münasibət bildirəsiniz. Belə ikili standartların mövcudluğu nəinki bizə, Avropanın özünə də böyük bir təhlükə yaradır və Avropa–Azərbaycan, Avropa–Türkiyə, Avropa–Şərq  münasibətlərinə də böyük  xələl gətirir. Mən  bizim həmkarların suallarına da cavab verməyə hazıram. Ancaq Azərbaycan nümayəndə heyəti orada Azərbaycanın mövqeyini ciddi  müdafiə etmişdi. Hesab edirəm ki, biz həmin təşkilatda işlərimizi bu istiqamətdə davam etdirməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Amma deyəsən, bu məsələ orada çox az sayda deputatın iştirakı ilə qəbul olunub. Xahiş edirəm, müzakirədə iştirak eləmək istəyənlər yazılsınlar. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, mən də istərdim ki, AŞPA-nın Türkiyəyə qarşı qəbul etdiyi bu haqsız və ədalətsiz qərarına münasibət bildirim. Biz hamımız bilirik ki, bu qərar hər hansı bir ciddi əsasa söykənmir və selektiv yanaşmanın açıq təzahürüdür. Ümumiyyətlə, biz hamımız nəyin şahidi olduq? 15 iyulda hərbi çevrilişə cəhddən sonra biz gördük ki, nə Avropa Şurasının rəhbərliyi, nə də Avropa İttifaqının rəhbərliyi Türkiyədə törədilmiş bu qanlı cinayətə qarşı adekvat addım atmadılar. Bu dövlət çevrilişinə olan cəhdi qınamadılar. 265 nəfər şəhid oldu, minlərlə adam yaralandı və  ümumiyyətlə, hələ belə bir hadisə baş verməmişdi ki, hərbi çevrilişə cəhd ediləndə  ölkənin parlamenti bombalansın. Bu  rəzalətə Avropa Şurası, Avropa Parlamenti laqeyd yanaşdı.
Bu gün bizim müzakirə etdiyimiz qərar da ondan qaynaqlanır. 1949-cu ildə üzv olduğu bir qurumun  Türkiyəyə qarşı belə bir haqsız qərar verməsi çox üzücüdür. Baxın, görün, onların söykəndiyi dəlillər nədir. Türkiyə hökuməti niyə FETÖ-çüləri işdən çıxarıb, Türkiyədə fövqəladə vəziyyət çərçivəsində  niyə referendum keçirilib? Nə bilim, PKK-nın siyasi qolu niyə həbsdədir? Sual olunur, əgər Türkiyənin yerində hər hansı bir dövlət olsa idi, tutalım, Fransa olsa idi, dövlət orqanlarına, dövlət institutlarına yerimiş bu  FETÖ-çülərə, dövlət əleyhinə fəaliyyət göstərən bu insanlara qarşı hansı qərar qəbul edilərdi? Əlbəttə, onları təmizləyərdilər. Yaxud da Türkiyədə referendum fövqəladə vəziyyətdə keçirilib. Sual olunur ki, il yarım bundan qabaq Fransada terror hadisəsi törədildiyinə görə fövqəladə vəziyyət tətbiq edildi, bu gün Fransada keçirilən seçkilər də fövqəladə  vəziyyət şəraitində keçirilir. Niyə onda Fransa ilə bağlı bu cür addımlar atılmır? Demək ki, fransızlara olar, Fransa istədiyi hərəkəti edə bilər, amma türklərə və Türkiyəyə olmaz? Onlar öz dövlətlərini qoruduqları üçün cəzalandırılmalıdırlar? Bu gün AŞPA-nın verdiyi qərar ondan qaynaqlanır. Bunun başqa bir yozumu yoxdur.
Məndə belə bir təəssürat yaranıb ki, cənab Sədr, sanki 15 iyulda dövlət çevrilişi üçün edilmiş uğursuz cəhdin  qisasını Türkiyədən bu gün alırlar. Sanki  16 aprel referendumunda Türkiyə xalqının “əvət” deməsinin  heyfini çıxırlar. Bu gün biz qərara baxsaq, görərik ki, bunun başqa bir yozumu yoxdur. Hesab edirəm ki, bu gün AŞPA bu qərara yenidən baxmalıdır.  Məlumat üçün deyim ki, cənab Sədr, bununla bağlı ATƏT PA-da da bu məsələ müzakirə olundu. Amma AŞPA-dan fərqli olaraq ATƏT PA-nın bürosu çox obyektiv qərar qəbul etdi və Türkiyə ilə dialoq imkanlarını qapatmadı və Türkiyə ilə əməkdaşlığa istiqamətlənən bir missiya göndərilməsini qərarlaşdırdı. Hesab edirəm, AŞPA-da bu cür…
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva.  Hörmətli Sədr, hörmətli millət vəkilləri! Biz, təbii ki, Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qərarına təəssüf edirik. Bu bir daha göstərdi ki, Avropa Şurası Parlament Assambleyasında müsəlman ölkələrinə qarşı ikili standartlar mövcuddur. Çox təəssüf ki, terror ilə mübarizədən, işğalçılığa qarşı mübarizədən danışan Avropa Şurası və onun Parlament Assambleyası  müsəlman ölkələrinə gəlincə bu məsələdə ikili standartlardan çıxış edirlər. Bunu biz Azərbaycan olaraq  hər zaman yaşayırıq. İstər Azərbaycanın terror ilə mübarizə istiqamətində olsun, istərsə də işğalçılığa qarşı mübarizə istiqamətində olsun, biz bu dəstəyi görmürük.
Avropa Şurasının prinsiplərinə görə bir üzv ölkə digər üzv ölkənin ərazilərini işğalda saxlaya bilməz. Ancaq buna rəğmən  Avropa Şurasının üzvü olan Ermənistan illərlə Azərbaycan torpaqlarını işğalda saxlayır və Avropa Şurası bu istiqamətdə Ermənistana heç bir təzyiq göstərmir. O cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələdə də biz eyni yanaşmanı görürük ki, Ermənistana heç bir təzyiq yoxdur. İndi də Türkiyəyə qarşı bu qədər qərəzli və ədalətsiz yanaşma var. Təbii ki, biz bunu qınayırıq. Həm Azərbaycanın, həm də Türkiyənin  milli maraqları çərçivəsində o tribunalardan bütün məsələlər söylənir. Amma  insanlarımızın geniş şəkildə bilməsi lazımdır ki, əslində, bu təşkilatda ikili standartlar çox ciddi şəkildə hökm sürür. Qoy onların qərarlarına da hər zaman ədalətli prizmadan yanaşmasınlar.
Mənim ikinci qaldıracağım məsələ, hörmətli Sədr, Çernobıl faciəsinin 31-ci ildönümü ilə bağlıdır. Çernobılda Avropanın da təhlükəsizliyi üçün böyük bir faciə olan o hadisənin aradan qaldırılmasında 7 mindən çox azərbaycanlı iştirak etmiş və onların bir hissəsi həyatını itirmişdi. Əksəriyyəti isə sağlamlığını itirmişdi. Bu gün də  4950-dən çox Çernobıl əlili qeydiyyatdadır. Görüş zamanı onlar bir məsələni xahiş elədilər. Belə ki, təxminən 600-dən artıq Çernobıl əlili dövlətin verdiyi güzəştli ev növbəsindədir və dövlətin onlara qayğısını da hər zaman xüsusi vurğulayır. Amma onu da deyirlər ki,  Çernobıl əlillərinin çoxu xəstədir və  neçə illərdir ev növbəsində duran insanların bəziləri həyatını itirdiyi zaman onların güzəştli və imtiyazlı ev növbələri ləğv olunur, yəni onların ailələri bundan yararlanmır. Bu problem Qarabağ müharibəsi əlillərinə  də aid idi. Qanunvericilikdə o məsələlər dəyişildi və hazırda Qarabağ müharibəsi əlili  dünyasını dəyişəndə  ailəsi onun imtiyazlı ev növbəsindən yararlana bilir.  İndi Çernobıl əlilləri də  xahiş edirlər ki, – onların sayı o qədər çox deyil, –– dünyasını dəyişən olanda  bu məsələyə baxılsın. Məclisimizdən bu məsələyə diqqət yetirilməsini xahiş edirlər. 
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Cənab Sədr, Sizin o mövqeyiniz hər bir parlament üzvü və Azərbaycan vətəndaşı tərəfindən müdafiə olunur ki,  Avropa Şurasının Türkiyə əleyhinə məlum qərarı qardaş ölkənin xarici və daxili siyasətini nəzarət altına almaq niyyəti ilə edilir, hakimiyyətə təzyiq göstərmək naminə həyata keçirilir. O cümlədən Türkiyənin müstəqil regional və beynəlxalq siyasətini əngəlləmək, ona zərbə vurmaq məramı ilə reallaşdırılır. Avropa Şurası bu halda özünü bəlli siyasi mərkəzlərin əlində alət kimi aparır və konkret olaraq özünün bəlli məşvərətçi sifəti ilə, statusu ilə fəaliyyətindən çıxıb, az qala məhkəmə təsisatına çevrilir. Biz Sovetlər Birliyi idarəçiliyinin, o direktivlərin nə olduğunu xatırlayırıq.
Baxın, hörmətli Səməd müəllimin qeyd elədiyi kimi, Avropa Şurası bu qərarını özünün daxilində gedən böyük siyasi böhran şəraitində verib. Nə var ki, Assambleyanın prezidenti Pedro Aqramunt daxili icazəni pozub Suriyaya gedib. Belə bir sual olunur, uzun illərdir ki, Avropa Parlamentinin və Avropa Şurasının təmsilçiləri icazəsiz olaraq Dağlıq Qarabağa səfər edirlər. Bəs onlar hansı prinsiplərdən çıxış edirlər, nə əcəb onların üzərində belə məhkəmə prosesləri aparılmayıb? Belə çıxır ki, həmin qurum separatizmi himayə edir.
Burada qeyd olundu, Türkiyə  İraq və Suriyada özünün təhlükəsizliyi səbəbi ilə müharibəyə qoşulub.  O cümlədən PKK terrorçuları ilə uzun illərdir savaşır. PKK-nın da müxtəlif qolları var. Amma bütün bu şəraitdə, cənab Sədr, baxın, Strasburqun bir addımlığında PKK-nın mənzil qərargahı var, onlara çox rahatlıqla televiziyada tribuna verilir, o cümlədən də Brüsseldə. Bu artıq o deməkdir ki, Qərb dairələri Türkiyə içərisində bölücülüyü himayə edirlər. Yəni PKK və digər qurumların silahlıları həmin mərkəzlərdən gəlirlər və belə olan təqdirdə Türkiyə siyasi savaş aparsın, yoxsa real müharibə? Halbuki Qərb heç zaman Türkiyəsiz keçinə bilməz, belə qərarlarla Türkiyənin gücünü sarsıtmaq mümkün deyil. Böyük imperiya tarixi və keçmişi olan, o cümlədən dövlətçilik ənənələri olan bir dövlətin üzərində  belə mühakimə səhnələri alınmır.
Azərbaycan dövləti burada haqlı olaraq Türkiyənin yanındadır. Mən, əlbəttə, düşünmürəm ki, o formatda daha sərt tədbirlərə getməliyik. Amma ayrı-ayrı iclasların səsvermə prosesində Türkiyə ilə həmrəylik naminə biz də boykot eləməliyik. Bir daha deyirəm,  o müstəvini, o tribunanı heç kimə vermək olmaz. Orada Azərbaycan əleyhinə olan  düşmən  dairələr var. Amma Azərbaycan və Türkiyə birlikdə bu qərarlardan çıxacaqlar və Türkiyə–Azərbaycan birliyi beynəlxalq aləmdə  öz mövqeyini  bir daha möhkəmləndirəcəkdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli Məclis iştirakçıları! Mən bu tribunadan müxtəlif zamanlarda türk qardaşlarımızın bizə verdiyi dəstəkdən qürurla, Türkiyənin Qarabağ savaşı zamanı Ermənistana etdiyi yardımlardan, bu gün də davam edən iqtisadi əlaqələrdən ürək ağrısı ilə danışmışam. Biz Türkiyə ilə bir millət, iki dövlətik. Sevincimiz, kədərimiz həmişə bir olub. Bu gün Türkiyə haqsız hücumlara məruz qalır və Avropa Şurasının Türkiyə əleyhinə qəbul etdiyi qərar da həmin hücumun bariz nümunəsidir. Bu hücumlara mən Avropa rəsmiləri tərəfindən belə bir haqq qazandırılmasının şahidi oldum ki, onlar söyləyirlər, Türkiyənin Avropa ilə münasibətlərində problem dəyərlər məsələsidir. Hansı dəyərlərdən söhbət gedir? Təqribən bir həftə bundan öncə BBC-nin internet səhifəsində mən bir yazı ilə rastlaşdım. Orada qeyd olunurdu ki, Roma Papası, yəni katolik kilsəsinin başçısı Fransisk müqəddəs Varfolomey bazilikasında miqrantlarla görüşərkən Avropadakı qaçqın düşərgələrini konsentrasiya mərkəzləri ilə müqayisə eləyib, yəni faşist Almaniyası dövründə faşistlərin  yaratdıqları  ölüm düşərgələri ilə müqayisə eləyib. Bu müqayisələri nə hər hansı bir Türkiyə vətəndaşı, nə də hər hansı Azərbaycan vətəndaşı edib.  Bunu katolik kilsəsinin başçısı edib.
Təkcə Almaniyanın dövlət büdcəsi Türkiyənin dövlət büdcəsindən 8 dəfə çoxdur. Amma Türkiyə öz qapılarını bütün qaçqınların üzərinə açdı, bir nəfərə belə  “yox” demədi. Əsl insani dəyərlər,  qanunun aliliyi,  demokratiya budur. Mən televiziyanı izləyirdim, Avropada mənfi 30 dərəcə şaxtada insanlar çəlləklərin altını yandırıb açıq havada yürüyürdülər. Körpə uşaqlar çox pis vəziyyətdə idilər, məhz buna görə Roma Papası həmin düşərgələri “ölüm düşərgələri” adlandırıb. Özü də bu gün İraqdakı, Suriyadakı o vəziyyəti Türkiyə yaratmayıb, o ölkələrin daxili siyasətinə müdaxilə etməklə Avropadakılar yaradıblar.
Mən öncə çıxış eləyən həmkarlarımın fikirlərini dəstəkləyirəm və hesab edirəm ki, Milli Məclis olaraq Avropa Şurasının bu qərarını qətiyyətlə pisləməliyik. Mən o fikirdən çox uzağam ki, bu gün Türkiyədə hər şey qaydasındadır. Burada hörmətli Səməd müəllim söylədi, türklər özləri də deyirlər ki, problemlər varsa, biz onları müzakirə eləməyə hazırıq. Necə ki, başqa ölkələrə münasibətdə bunu edirlər, Türkiyədə də bunu edə bilərlər. Hörmətli Oqtay müəllim, mən hesab edirəm ki, hazırda baş verən proseslər, Amerika Birləşmiş Ştatlarının öz ordusunu kürd terrorçuları ilə, PYD, YPG ilə, PKK ilə ...
Sədrlik edən. Aydın oldu, çox  sağ olun.  Hikmət Məmmədov.
H.Məmmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən düşünürəm, burada belə bir fikir səsləndirsəm ki, Avropa strukturları, AŞPA da daxil olmaqla Qərb imperializminin struktur vahidləridir və onun işğalçılıq siyasətini həyata keçirməyə hüquqi və ideoloji yardım göstərirlər, düşünürəm ki, o qədər də ədalətsiz fikir səsləndirmiş olmaram. Çünki Azərbaycan da bu təşkilata üzv olduğu dövrdə buna bənzər hadisələrlə rastlaşıb, avropalılar əksər hallarda insan hüquqları və azadlıqları kimi qlobal dəyərləri milli dövlətlərə qarşı silah kimi istifadə edirlər və Türkiyənin timsalında bunun bir daha əyani şahidi olduq ki, Türkiyə öz milli dövlətçiliyini   qorumaq üçün,  milli sərhədlərini təhdid edən terrorizmə qarşı mübarizə aparmaq üçün məhz BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə söykənərək müdafiə aktını həyata keçirib, Suriyada və İraqda terrorist məntəqələrini dağıdıb. Avropa Şurasının səbrini daşıran sonuncu damla da bu oldu. Ona görə də biz əgər AŞPA-nın və digər Avropa strukturlarının son qərarlarına diqqət etsək, görəcəyik ki, 2003-cü ildən bu günə qədər alınan qərarların əsasında iki fəlsəfə durur. Bunlardan biri islamofobiya, digəri isə ksenofobiyadır. Əksər hallarda biz müsəlman ölkəsi olduğumuz üçün bunu islamofobiyanın təzahürü kimi qəbul edirik. Amma digər ölkələrə münasibətdə  burada etnik milliyyətçilik görürük və buna görə də bunu ksenofobiya adlandırırıq. Mən düşünürəm ki, buna qarşı  AŞPA-da iştirak edən və islamofobiyadan əziyyət çəkən bütün yerli parlament nümayəndələri mübarizə aparmalıdırlar və nəticədə bunların birliyi düşünürəm ki, AŞPA-nın qərarlarında korrektəyə  gətirib çıxara bilər. Ona görə də mən hörmətli Səməd müəllimin dediyi fikirləri bölüşürəm.
Azərbaycanın nümayəndə heyətinin oradakı fəaliyyəti düşünürəm ki, təqdirəlayiqdir, çox fəaldır. Amma məsələ bundadır ki, bu hadisələr Türkiyə ilə də qurtarmır. Avropa imperializmi Yaxın Şərqdə idarə olunan xaos nəzəriyyəsini tətbiq etməklə müsəlman coğrafiyasının milli dövlətlərini yıxaraq orada etnik mühəndisliklə məşğuldur. Süni şəkildə yeni etnos siyasi coğrafiyaları yaradır  və məsələ bundadır ki, burada imperializmin bir maşını var, bunu dayandırmaq mümkün deyil. Bu maşın  milli dövlətləri dağıda-dağıda gəlir və hamımızın gördüyü kimi, növbəti hədəf 2016-cı ilin iyul hadisələrində Türkiyə oldu, amma Türkiyə cəmiyyətinin siyasi savadlılığı və vaxtında maarifləndirmə işinin aparılması türk vətəndaşlarını ayağa qaldırdı, onlar milli dövlətlərini qorudular. Mən düşünürəm ki, bu məsələ Məclisdə haqlı olaraq müzakirə olunur  və bunun bir mahiyyəti də maarifləndirmədir ki, hər bir Azərbaycan vətəndaşı da, hər bir türk vətəndaşı da...
Sədrlik edən. Çox sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Təbii ki, qeyri-hökumət təşkilatının hüquq müdafiəçisi kimi bu gün Türkiyə ilə Avropa Şurası arasındakı gərginlik məni də narahat edir. Niyə narahat edir? Çünki AŞPA-nın Türkiyə ilə bağlı məlum qərarı bizim həmişə dediyimiz kimi, ikili standartlara söykənən bir qərardır və bu, qardaş Türkiyəyə qarşı siyasi təzyiqləri həyata keçirmək üçün əllərində olan mexanizmlərin işə salınması ilə bağlıdır. Yəni bu qərar olduqca qeyri-obyektiv və subyektiv bir qərardır və təbii ki, biz bu qərara “yox” deyirik. Mən bir şeyi qeyd etmək istəyirəm, guya Türkiyənin insan haqları və demokratik ənənələrdən uzaqlaşması adı altında qəbul olunan bu qərar islamofob dairələrin, eyni zamanda, Türkiyədə son illərdə baş verən uğurlu islahatları gözü götürməyən qüvvələrin maraq dairəsindədir və sual olunur ki, bu  gün əgər Avropada müsəlmanların gündəlik həyat şəraitində təhqirlərə, fiziki zorakılıqlara məruz qaldıqları, qaçqınların, müsəlmanların və digər dini etiqad nümayiş etdirən insanların  müəyyən təzyiqlər altında olduqları halda Avropa Şurası və digər qurumlar nəyə görə bu hallara göz yumurlar? Məsələn, Niderlandda konsulluq qarşısında insanlara qarşı baş verən atlı və itli polislərin hərəkətini qeyd eləyə bilərik. Nəyə görə dövlət nazirinin konsulluğa buraxılmamasına və insanlara qarşı bu cür zorakılığa  Avropa Şurası susdu?
Mən hesab edirəm ki, bütün bunları  kökündə 16 apreldə Türkiyədə keçirilən referendumun nəticələrini başqa cür arzulayan qüvvələrin ikinci cəbhəni açması kimi qiymətləndirmək olar. Çünki Türkiyədə daha çevik və daha mobil idarəçilik sisteminə keçid bəzi siyasi qüvvələri  qane etmir və təbii ki, Türkiyəni güclü iqtisadiyyatı olan bir müsəlman dövləti kimi görmək istəmirlər. Bu baxımdan, təbii ki, 13 ildən sonra Türkiyənin yenidən post-monitorinq vəziyyətindən monitorinq vəziyyətinə qaytarılması, – nəzərə alsaq ki, 1949-cu ildən Türkiyə bu qurumun yaradıcılarından biridir, –  yolverilməzdir və başa düşülən deyil. Mən belə hesab edirəm ki, Avropa İttifaqı da Türkiyə ilə bağlı münasibətlərə baxmalıdır. Çünki 54 ildə Türkiyəni, bir müsəlman dövlətini öz sıralarına qəbul eləyə bilməyən Avropa İttifaqı son  illərdə Türkiyəyə  verdiyi vədləri yerinə yetirmir. Məhz qaçqınlarla bağlı, yəni 3 milyon 200 min qaçqının Türkiyədə yerləşməsinə və onlara 3 milyard yardım edəcəyinə söz verən Avropa İttifaqı bu günə qədər bu öhdəliyi həyata keçirməyib. Biz Türkiyənin yanındayıq...
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də həmkarımın fikrinə qoşulmaq istəyirəm. Burada təəccüblü heç bir şey yoxdur, biz dəfələrlə Avropa strukturları tərəfindən Türkiyəyə, Azərbaycana qarşı ədalətsiz mövqenin şahidi olmuşuq, bu da növbəti ədalətsiz mövqelərdən biridir. Əgər biz bunu faktlarla sadalasaq, müqayisələr aparsaq, görərik ki, burada nə qədər ədalətsiz yanaşma prinsipləri mövcuddur.
Birinci, Türkiyədə keçirilən  referendumdan başlayaq. Bununla bağlı Türkiyə qanunvericiliyi demokratik qanunvericilikdir. Hər bir qrup üçün lazımi şərait yaradılmışdı. Həm kütləvi aksiyaların keçirilməsi, həm də televiziya və mətbuatda çıxışlar, görüşlər və sair. Hətta türk müxalifətinin özü bir kəlmə belə demədi ki, bu, fövqəladə vəziyyət şəraitində keçirilib, Avropa, elə bil, Roma Papasından daha artıq olub, başlayıb Türkiyənin daxili işləri barədə müzakirələr aparmağa. Digər bir tərəfdən, bir də görürsən, seçkilərdə 76, 80 faiz olur, deyir, çoxdur. Antidemokratik seçkilər olub, saxtalaşdırılıb. Az olur, deyir, niyə azdır, fərq niyə azdır?
Burada Krılovun “Qurd və quzu” adlı təmsili yada düşür, deyir, suyu  bulandırdın. O da cavab verir ki, mən suyu aşağıdan içirdim, yuxarıdan yox. Deyir, fərqi yoxdur, suyu bulandırmısan. Bu cür yanaşma tərzi ilə Avropa strukturları hara gedir? Misal göstərə bilərəm, Böyük Britaniya Avropa İttifaqından çıxmaq istəyəndə lehinə və əleyhinə fərq o qədər də böyük deyildi.  Yaxud da Amerika Birləşmiş Ştatlarında Albert Qorla Buşun arasında 3 səs fərqi var idi, Amerikaya prezident seçildi. Gör Türkiyədə nə qədər şərait yaradılmışdı ki, 48,6 faiz insan bunun əleyhinə səs verdi. Bu da onu göstərir ki, ədalətli, demokratik seçkilər keçirilməsi üçün bütün şərait yaradılıb. Sən oradan buna nə ədalət tətbiq etmək istəyirsən?
İkincisi, Türkiyə ömrü boyu terrorizmə qarşı mübarizə aparıb.   70 nəfər, 100 nəfər öldürülüb. Avropada bir terror aktı baş verəndə qışqırıqları bütün aləmi götürür. Bir qəzetin redaksiyası partladılmışdı, hələ məlum deyildi, özləri partlatmışdı, yoxsa başqa terroristlər, bütün Avropa bunu qınadı. Bəs Türkiyənin ərazisində baş verənlər? Türkiyə də Avropa strukturudur. NATO-nun, Ziyafət müəllim gözəl dedi ki, nizamnaməsində göstərilib ki, bir NATO üzvü olan dövlətə qarşı hücum olanda digər NATO üzvü olan dövlətlər birləşirlər...
Sədrlik edən. Çox sağ olun. Müzakirələri yavaş-yavaş bitirək. Fəzail İbrahimli.
F.İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Avropa Şurasının Türkiyəyə qarşı qərəzli qərarından sonra Azərbaycan bütünlüklə dövlət səviyyəsində, kütləvi informasiya vasitələri səviyyəsində Türkiyənin yanındadır. Bu gün isə parlamentdə bu məsələnin müzakirəsi bir daha Türkiyənin yanında olmanın ifadəsidir. Deyilənlərə qoşuluram və vaxtın azlığını nəzərə alaraq yalnız bir tarixi məqamla  bu məsələyə münasibətimi bildirmək istəyirəm. Nə istəyirlər bu Türkiyədən? 1920-ci illərdə İtaliyanın baş naziri işləmiş Nitti hələ keçən əsrin 20-ci illərində bu suala çox gözəl cavab verərək demişdi: “Avropa dövlətləri nə vaxtsa Türkiyədən nə isə qoparmaq istəyirlərsə, genosid yada düşür, nə vaxtsa Türkiyəyə nəyisə vermək istəmirlərsə, yenə də genosid yada düşür”. Bu gün nə yada düşüb? Genosidi qəbul elədiniz, Türkiyəni rüsvay etmək istədiniz, nə nəticə əldə etdiniz? Nə edirsinizsə, özünüzə qarşı yönəlir.
Bu gün düz qamətlə yaşayan, hərəkət edən, idarə olunan və dünya dövlətlərinin boy sırasında özünə hörmətlə yanaşan bir Türkiyə ola bilməz, Avropanın istəyi budur. Türkiyə əriməlidir, mayeyə dönməlidir. Avropa dövlətlərinin əyri qablarının tutumunu almalıdır. Amma bu gün Türkiyə düz dayanıb, möhkəm dayanıb. Əslində, Avropa Şurasının qəbul etdiyi qərar Avropa demokratiyasına qarşı olan bir qərardır. Təxminən 100 il bundan qabaq, 1913-cü ildə, – mən bunu demişəm, – bir dəfə Əhməd bəy Ağayev Balkanlardakı müsəlmanlar qırılandan sonra “Balkan vəhşiliyi və rus mətbuatı” adlı bir yazıda yazırdı: “Balkan hadisələrindən sonra bizim nəzərimizdə Avropa demokratiyasının rəngi dəyişdi. Məlum oldu ki, Avropa demokratiyası Avropa fabriklərinin İran bazarlarını dolduran üzü bəzək, içi çürük şeylərindən başqa bir şey deyilmiş”. Bu qərar Avropa demokratiyasının sifətini, mahiyyətini, iş sistemini, dövlətlərə münasibətini və qərəzli mövqeyini aydın ifadə edən bir qərardır. Bu qərar Türkiyənin tükünü də dəbərdə bilməyəcək. Dəyirman bildiyini eləyər, çax-çax baş ağrıdar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Avropa Şurası Parlament Assambleyasının qardaş və dost Türkiyə Cümhuriyyətinə qarşı qəbul etdiyi qərar qərəzlidir. Avropa Şurasının özünün dəyərlərinə və prinsiplərinə ziddir.  Türkiyəni ümumi Avropa evindən çıxartmaq məqsədi daşıyır. Azərbaycan bu məsələdə Türkiyənin yanındadır, onu müdafiə edir və ilk gündən qəbul edilən qərarın siyasi motiv daşıdığını bildirir. Hesab edirəm ki, bugünkü müzakirəmiz də bir daha Azərbaycan–Türkiyə dostluğunun əbədi olduğunu və bizə qarşı olan mübarizədə birgə hərəkətimizi göstərir. Çox təəssüf ki, Avropa Şurası Parlament Assambleyasının bu hərəkəti, əslində, təşkilatda çoxdan başlanan  böhranın növbəti təzahürüdür. Vaxtilə Çerçilin, Adenauerin, De Qolun “vahid bir qardaşlıq Avropası” ideyası bu gün ciddi böhran qarşısındadır. Avropa Birliyi parçalanır, Avropa Şurası siyasi böhran keçirir və uydurulmuş, heç bir reallığa əsaslanmayan iddialarla Avropada əcinnə ovuna çıxılması artıq açıq şəkildə görünür. Məqsədləri nədir? Məqsədləri nüfuzları artan ölkələrə öz yerini göstərmək, onların qarşısında  qırmızı bir sərhəd çəkməkdən ibarətdir.
Türkiyənin müstəqil daxili-xarici siyasəti,  artan siyasi və iqtisadi nüfuzu Avropanın müəyyən dairələrini ciddi narahat edir. Özlərinin qüsurlarını görməkdənsə, həyatın tələblərindən geri qalmaqlarının səbəbini axtarmaqdansa, bu gün köhnəlmiş təfəkkürlə Türkiyəni Avropadan kənara qoymağa çalışırlar. Dünən belə bir addım Rusiyaya qarşı atılmışdı. Azərbaycana qarşı vaxtaşırı siyasi hücumlar edilir. Bu gün də Türkiyəyə qarşı çıxırlar, növbəti ünvan haradır? Bu o deməkdirmi ki,  artıq ikinci, üçüncü Avropa şuraları yaradılmasına doğru gedilir. Bu o deməkdirmi ki, Avropa siyasi həyatında artıq Avropa kastaları yaranmağa başlayır.
Mən hesab edirəm ki, bütün dünyaya demokratiya, insan hüquqları dərsi keçən Avropa dairələrinin özlərinin yeni siyasi təfəkkürə ehtiyacları var və onlar birmənalı şəkildə bilməlidirlər ki, Türkiyəsiz Avropa yoxdur, Türkiyəsiz bu gün dünya yoxdur. Bu gün Türkiyəyə qarşı atılan addımlar ilk növbədə dünyanın vahidliyinə, inkişafına, stabilliyinə qarşı atılan addımlardır və bu çirkin addımların heç birinin sonu yoxdur. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İki nəfər də çıxış etsin, bununla bitirək. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də həm Sizin səsləndirdiyiniz fikirlərlə, həm də həmkarlarımın fikirləri ilə tamamilə razıyam. Hesab edirəm, bu məsələdən biz dərs almalıyıq,  ümumiləşdirilmiş bir nəticə də ondan ibarət olur ki, biz parlament adından, təbii, bu qərara rəsmi şəkildə etirazımızı bildirməliyik. Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyi rəsmisinin də Azərbaycanın ünvanına söylədiyi fikirlər, indi Avropa təsisatlarının bu cür davranışları onu göstərir ki, biz nə qədər tolerant davransaq da, nə qədər bu məsələnin üstündən keçsək də, ortada bir xristian təəssübkeşliyi vardır. Əslində, Avropa İttifaqı yunan fəlsəfəsinə və xristian əməllərinə söykənən bir klubdur. Almaniya kansleri də dəfələrlə bunu demişdir ki, biz bu xristian klubuna müsəlman dövləti olan Türkiyəni buraxmaq istəmirik və sair. Ona görə bizim özümüz də artıq bu məsələdən dərs alaraq Azərbaycanın maraqları ilə bağlı öz bildiyimiz reseptləri ortaya qoymağa başlamalıyıq.
Türkiyənin vəziyyəti onu göstərir ki, tam 100 il əvvəlki kimi məlum Şərq məsələsinə oxşayan bir məsələ ortaya qoyulur. Uzun müddətdir, 4T düsturu, tanıma, tanıtma, təzminat və torpaq məsələsi ilə bağlı olan bir düstur ortadadır və Türkiyəni çökdürmək istəyirlər. Bizim də torpaqlarımız faktiki olaraq  işğal altındadır və bütün qərarlara, qətnamələrə baxmayaraq heç bir addım atılmır. Mən hesab edirəm ki, biz parlamentdə, nəhayət ki, Dağlıq Qarabağ məsələsini geniş şəkildə müzakirə etməliyik və BMT-nin qətnamələri burada bir daha gündəmə gətirilməlidir ki, siz özünüz bu qətnamələri vermisiniz, çağırış etmisiniz, əgər siz düşmənləri bizim torpaqlarımızdan çıxara bilmirsinizsə, imkan verin, özümüz öz məsələmizi həll edək. Siz başqa dövlətlərlə bağlı, məsələn, Liviya ilə bağlı verdiyiniz qərardan bir neçə saat sonra məsələni həll edə bilirsinizsə, bizim məsələmizi niyə həll etmirsiniz?
Bu gün Azərbaycana qarşı o qədər haqsızlıq və ədalətsizlik ortada ola-ola, Türkiyəyə qarşı bu haqsızlıq, ədalətsizlik ortada ola-ola oturub bunların nə məqsədlə və hansı işi görəcəyini gözləməyimiz heç bir məntiqə sığmır. Məncə, artıq düşmən tərəfə də məlum bir vaxt limiti vermək lazımdır. Bir ay, iki ay, bu müddət ərzində əgər beynəlxalq güclər, Avropa Şurası, nə bilim, Avropa İttifaqı, BMT bu məsələlərlə bağlı konkret tədbirlər görməyəcəksə, Azərbaycan tərəfi lazım gəlsə, uzunmüddətli, lap yorucu, lap böyük itkilər olsa belə, savaşa başlamalıdır və torpaqlarını azad etməlidir. Çünki sıra bizə gəlir. Türkiyəni əzəndən sonra, təbii ki, başqa türk dövlətlərinə, müsəlman dövlətlərinə də münasibət eyni olacaq. Bizim müttəfiqlərimizə vurulan zərbə dolayısı ilə bizə dəyən zərbədir və belə məqamlarda da mən alqışlayıram ki, Azərbaycanın iradəsidir ki, bu gün Türkiyə ilə bir yerdə hərbi təlimlərə başlayıbdır. Biz bütün mədəni və iqtisadi müstəvidə olan münasibətləri siyasi və hərbi müstəviyə keçirərək toparlanmalı və düşmənlərimizə sərt şəkildə cavab verməliyik. Bu tipli müzakirələrin aparılması üçün isə parlamentin xüsusi bir iclasının çağırılmasını təklif edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli media nümayəndələri! Mən həm hörmətli cənab Sədr, Sizin, həm də hörmətli həmkarlarımın fikirlərini tam olaraq dəstəkləyirəm. AŞPA-nın Türkiyəyə qarşı qərarını ciddi olaraq pisləyirəm. Çıxarılan hər bir qərara birmənalı qaydada səs verəcəyəm. Ancaq mən burada başqa bir məsələyə də toxunmaq istəyirəm.
Son günlər ölkəmizin ictimai fikrində daha çox müzakirə edilən məsələlərdən biri də Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın  davranışı olubdur. Onun azərbaycanlı jurnalistə cavabı etik normaların, həmçinin vəzifə səlahiyyətinin kobud surətdə aşılmasıdır. Bildiyiniz kimi, xanım Zaxarova Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girovda saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı suala ümumən Azərbaycan jurnalistlərini aşağılayaraq cavab veribdir. Bu davranış media ictimaiyyətində təəssüf, təəccüb və ikrah hissi doğurub. Mətbuat Şurasının yaydığı bəyanatda bu məqam vurğulanıb.
Mən bu salonda ölkə jurnalistlərinin mövqeyini bir daha səsləndirirəm və hesab edirəm  ki, məsələyə parlament səviyyəsində də münasibət bildirmək mümkündür. Çünki xanım Zaxarovanın fikirlərində aşkar nəzərə çarpan təzyiq, təhdid və təhqir meyilləri onun ümumən Dağlıq Qarabağ həqiqətlərinə biganəliyindən, məsələnin həssaslığına əhəmiyyətsiz yanaşmasından qaynaqlanır. Halbuki erməni əsirliyində saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi Azərbaycanı düşündürdüyü qədər Rusiyanı və onun cəmiyyətini də düşündürməlidir. Ancaq görünən budur ki, Zaxarova və zaxarovalar buna qarşıdır. Onlar şəxsi hislərini və baxışlarını peşəkar müstəviyə daşımaqdan əl çəkmirlər. Nəzərə  alsaq ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman durum ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın da maraq dairəsindədir, ölkənin münaqişəyə dair həssaslığı Mariya Zaxarovanın leksikonunda olduğu kimi olmamalıdır. Bəli, Azərbaycan və Rusiya dövlətləri arasında əlaqələr yüksək səviyyədədir. Bunu zaxarovalara görə korlamaq düzgün deyildir, sadəcə, Rusiya Xarici İşlər Nazirliyi təmsilçisinin Dilqəm Əsgərovun taleyi qismində Azərbaycanın haqq işi ilə bağlı suala biganəliyinə seyrçi qalmaq da düzgün deyildir.
Bir daha bildirirəm ki, Azərbaycan parlamenti də bu məsələyə münasibət bildirə bilər. Çünki xanım diplomatın ortaya qoyduğu mövqe, yəni Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli suala gözlənilən cavabı ikitərəfli münasibətlərin hazırkı ahənginə qətiyyən uyğun gəlmir. Bunu biz düşünürüksə, Rusiya tərəfi də düşünməlidir. Diqqətinizə görə sağ olun, minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Sonuncu sözü Zeynəb Xanlarovaya verirəm, o, Elman Məmmədovun əvəzinə danışır. Buyursun Zeynəb xanım.
Z.Xanlarova. Mən ömrüm boyu “türkəm” demişəm. Mən bütün ölkələrdə verdiyim konsertlərdə mahnılarımda həmişə demişəm: “Türkün qolu bükülməz, türkün gücü tükənməz, bir kərə qalxan bayraq bir daha enməz”. Türkün, əlbəttə, belə bir gücünü görən Avropa Şurası belə qərəzli hərəkətlər edəcək. Bu qərəzli hərəkətlər  bir şəxsiyyət kimi, xalqımızın bir qızı kimi təkcə məni deyil, bütün Azərbaycan xalqını qəzəbləndirib. Onların əli çatmır, yoxsa hər bir azərbaycanlı məktub göndərər. Mən çox xahiş edirəm, bütün bizim parlament adından etirazımızı bildirək. Çünki  Türkiyəyə qarşı olan bu hərəkət sabah,  o biri gün bizə qarşı da olacaq. Biz özümüzü Türkiyədən ayıra bilmərik. Nəinki parlamentin üzvləri, bütün Azərbaycan xalqı ayağa qalxmalıdır. Çünki bizim ağrılı bir yerimiz olanda birinci türk xalqı bizim arxamızda dayanır. Biz də öz millətimiz olan Türkiyəni qorumalıyıq. Mən xahiş edirəm, parlamentin adından bu qərəzli Avropa Şurasına bir məktub yazaq, müraciət edək. Çox xahiş edirəm, Oqtay müəllim. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Zeynəb xanım. Bu gün Milli Məclisin bu müzakirəsində 14 nəfər millət vəkili iştirak etdi. Bu da, ümumiyyətlə, parlamentin mövqeyini göstərdi və biz bu istiqamətdə öz işimizi davam etdirəcəyik, çox sağ olun.
Əgər indi etiraz etmirsinizsə, keçək gündəliyə. Gündəliyin birinci məsələsi Turizm haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Müstəqil Azərbaycanın qurucusu olan ulu öndərimiz Heydər Əliyev dühası ölkə rəhbəri seçildiyi ilk günlərdən başlayaraq iqtisadiyyatın qeyri-neft bölümünün inkişafına xüsusi diqqət yetirmiş, zaman-zaman bu siyasətin təməl prinsiplərini hazırlamış və bizə miras qoymuşdur.
Son iki ildə dünya miqyasında baş verən iqtisadi, siyasi və sosial kataklizmlər problemə daha çoxşaxəli, ardıcıl və genişmiqyaslı diqqət yönəltməyi tələb etdi. Bu dövrdə əməktutumlu iş yerlərinin yaradılması, orta və kiçik sahibkarlığın, özünüməşğulluğun inkişafı üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyev silsilə fərman və sərəncamlar, mütərəqqi proqramlar imzaladı və işlək planlar təsdiqlədi. Onu da qeyd edim ki, əməktutumlu iş yerləri yaradan və ən aparıcı istiqamətlərdən biri olan turizm və istirahət biznesi ölkə başçısının prioritet seçdiyi sahə olmuş, Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsi, Avropa oyunları, Formula 1 yarışları və digər dünyamiqyaslı tədbirlər qonaq qəbul etməyin Azərbaycan brendini formalaşdırmışdır.
Məlumat üçün deputat həmkarlarıma çatdırmaq istəyirəm ki, Azərbaycan 2011-ci ilin sentyabrında BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 14-cü sessiyasının qərarı ilə dünyanın 154 ölkəsindən biri kimi bu quruma tamhüquqlu üzv seçilmişdir. Turizm sahəsinin ölkəmiz üçün aktuallığını şərtləndirərkən ilk növbədə qeyd etməliyik ki, ötən ilin əvvəlindən bu problemin həlli ilə bağlı dövlət başçımız tərəfindən 14 rəsmi sənəd imzalanmış, Turizm Şurası təsdiq olunmuş, müvafiq sərəncamla parlamentə yüksək etimad göstərilərək Turizm haqqında qanunun hazırlanması tövsiyə edilmişdir. Turist axınını sürətləndirmək və rahatlığını təmin etmək məqsədi ilə “ASAN Viza” sistemi yaradılmış və bu sahəyə xüsusi diqqət verilmişdir. Bütün bu addımlar Milli Məclis rəhbərliyinin diqqətindən yayınmamış, hörmətli Sədrimizin tapşırığı ilə il yarımdır ki, Turizm haqqında qanun layihəsinin hazırlanması üzərində komitədə ardıcıl iş aparılmışdır. Belə ki, dünyanın bu yönümlü 10-a qədər qanunu  tərcümə olunmuş, bu materiallar sizə paylanmışdır. Genişəhatəli hüquqi sənəd komitədə vaxtaşırı müzakirə edilmiş, ciddi ixtisarlara məruz qalmış, tənqid və iradlar düzəlişlərdə nəzərə alınmışdır. Layihənin həcmi və maddələrin çoxluğu ilə bağlı səslənən bəzi fikirlər həllini ona görə tamamilə tapmamışdır ki, məqsəd sənədin daha çox dəqiqlik, ünvanlılıq və konkretlik tələb etməsi olmuşdur. Təkcə onu demək kifayətdir ki, turizm mövzusunun aktuallığı MDB Parlament Assambleyasının diqqətindən də yayınmamış, bu hüquqi sənədin təkcə bir qolu olan sosial turizmə həsr olunmuş 48 maddəli, 63 səhifəlik model qanun layihəsi hazırda Sankt-Peterburqda müzakirə olunur və onun yaxın gələcəkdə qəbul edilməsi gözlənilir. Bu da onu göstərir ki, turizm sənayesi çərçivəsində olan münasibətlərin tənzimlənməsi daha ətraflı və konkret müddəalarla təsbit olunmuş dəqiq və hüquqi baza tələb edir.
Hörmətli deputat həmkarlarım, aprelin 10-da Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz məruzəsində ölkəmizdə turizmin inkişafı məsələlərinə geniş yer ayırmışdı. Hesabatda qeyd olunmuşdu ki, təkcə 2015-ci il ilə müqayisədə ötən il ölkəmizə 11 faiz, bu ilin 3 ayında isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çox turist  gəlmişdir. Həmin çıxışda Azərbaycanda turizmi və səyahətçilər axınının artmasını şərtləndirən 11 məqam xüsusilə vurğulanmışdır. Bunların bəzilərini saymağı özümə borc bilirəm. Aparılan ardıcıl abadlıq və quruculuq tədbirləri nəticəsində Bakı və digər region mərkəzləri beynəlxalq tədbirlər keçirilən şəhərlərə, turist qəbul edən dünyəvi məkanlara çevrilmişlər. Tariximiz, iqlimimiz, etnoqrafik abidələrimiz qonaqlarımıza xoş təəssürat bağışlayır. Ekstremal kənd səyahətləri də gələnlər üçün maraq doğuran əsas şərtlərdən birinə çevrilmişdir. Milli mətbəximiz, qonaqpərvərliyimiz və digər amillər bu sahənin gələcək inkişafı üçün tutarlı əsas verir. Müzakirənizə verilən layihə Milli Məclis Aparatının, Mədəniyyət və Turizm Nazirliyinin, turizm şirkətləri və qeyri-hökumət təşkilatlarının səriştəli mütəxəssislərinin mütəmadi fəaliyyəti nəticəsində hazırkı formanı almışdır. Düşünürəm ki, layihə birinci oxunuşda konseptual baxımdan deputat həmkarlarımla müzakirə olunduqdan sonra daha məqbul, daha işlək variantın ərsəyə gəlməsinə nail olacağıq.
Qanun layihəsi 8 fəsil və 63 maddədən ibarətdir. Təbii ki, sənəd irihəcmli olduğundan və bu müzakirə birinci oxunuşun predmetinə aid edildiyindən mahiyyəttutumlu maddələr üzərində dayanmaq istərdim. 1-ci fəsil ümumi müddəaları nəzərdə tutur. Bu fəsildə əsas anlayışlar və qanunvericiliklə bağlı tələblər təsbit edilmişdir. “Turizm sahəsində dövlət tənzimlənməsi” adlanan, 22 maddəni özündə birləşdirən 2-ci fəsil bu sahədə dövlət siyasətinin başlıca istiqamətlərini müəyyənləşdirir. Belə ki, burada dövlət tənzimləməsinin məqsədi və prinsipləri, habelə icra və bələdiyyə orqanlarının səlahiyyətləri ayrı-ayrı maddələr üzrə şərtləndirilib. 2-ci fəslin bir neçə maddəsi turizm və rekreasiya zonaları ilə bağlıdır. Bu maddələrdə bilavasitə həmin zonaların yaradılması, idarə edilməsi hərtərəfli şəkildə müəyyənləşdirilir.
Diqqəti cəlb edən məqamlardan biri də turizm və rekreasiya zonalarında bəzi güzəşt və imtiyazların tətbiqidir. Qanun layihəsinin 2-ci fəslində turizm sahəsində dövlət nəzarətinin həyata keçirilməsi vasitələrini tənzimləyən maddələr bilavasitə belə xidmətlər zamanı baş verə biləcək sui-istifadə hallarının qarşısının alınmasına xidmət edir. Bundan başqa, 2-ci fəslin turizm ehtiyatları ilə bağlı maddələri ümumi tənzimlənməni, turizm ehtiyatlarından istifadəni və turizm obyektlərinə dair məhdudiyyətləri müəyyənləşdirir. Nəhayət, bu fəsil turizmin davamlı inkişafının təmin edilməsinin üsul və vasitələrini, o cümlədən turizm sahəsində strateji dövlət planlaşdırılması və inkişafı üçün yaradıla bilən turizm fondlarının hüquqi mexanizmlərini də tənzimləyir.
3-cü fəsil “Turizm fəaliyyətinin təşkili” adlanır. Bu bölmədə turistlərin, eləcə də ayrı-ayrı turizm strukturu subyektlərinin hüquqlarının və vəzifələrinin həyata keçirilməsi üçün mexanizmlər nəzərdə tutulmuşdur. Müvafiq olaraq turistin hüquqları vəzifələrindən, subyektlərin vəzifələri isə hüquqlarından daha çoxdur. Bu fəsil həmçinin turizm fəaliyyətinə başlama və bununla əlaqədar bağlanan müqavilələrin prosedur qaydalarını müəyyənləşdirir.
“Turizm sahəsində təhlükəsizlik” adlanan 4-cü fəsil bu sahədə əmin-amanlığın təmin edilməsinin üsullarını, fövqəladə hallar zamanı turistlərə və ekskursantlara yardım göstərilməsi tədbirlərini, habelə turizm marşrutlarının pasportlaşdırılmasını təmin edir.
Növbəti 5-ci fəsil “Turizm sahəsində məlumatlandırma” adlanır və təbliğat-təşviqat toplularına dair tələbləri, habelə turizm informasiya və biznes mərkəzlərinin fəaliyyətinin əsaslarını tənzimləyir.
“Turizm növlərinin xüsusiyyətləri” adlanan və təcrübi mahiyyətlə fərqlənən 6-cı fəsildə sağlamlıq turizmi, sosial turizm, ekoloji turizm, ekstremal turizm, kənd yaşıl turizmi, habelə çimərlik obyektlərinin yaradılması xüsusiyyətlərinin ayrı-ayrı maddələrdə normativ-hüquqi hüdudları dəqiqləşdirilib.
“Turist daşıma xidmətləri” adlanan 7-ci fəsildə kifayət qədər əhəmiyyətli məqamlar yer alıb. Belə ki, burada turistlərin və ekskursantların daşınmasını həyata keçirən sürücülərin sertifikasiyası, turist avtonəqliyyatı vasitələrinin texniki sənədləri, o cümlədən turistlərin və ekskursantların daşınması üçün akkreditasiya kimi ciddi tələb və standartlar təsdiqlənib.
Sonuncu fəsil bu sahədə ictimai nəzarət mexanizmini, habelə yarana biləcək mübahisələrin həllini və məsuliyyət növlərini tənzimləyir. Beləliklə, bu qanunun qəbulu aşağıdakı istiqamətlərdə turizmin inkişafına   öz müsbət təsirini göstərəcəkdir. Bunları mən sadalamaq istəyirəm. Turizm sənayesi münasibətlərinin tənzimlənməsi üçün normativ-hüquqi baza yaradılacaq. Turizm ərazilərinin idarə olunması təkmilləşdiriləcək, müxtəlif çeşidli, keyfiyyətli, tam kompleks infrastrukturlu turizm xidmətlərinin göstərilməsinə nəzarət mexanizmi güclənəcəkdir. Turizm sahəsində vahid dövlət siyasəti müəyyənləşdiriləcək və bu siyasətin həyata keçirilməsini bu qanun tənzimləyəcəkdir. Turizm sahəsində təsirli, hərtərəfli, sistemləşdirilmiş və birmənalı qavranıla bilən normativ-hüquqi baza yaradılacaq, kooperativ idarəetmə standartları müəyyən ediləcəkdir. Bölgələr üzrə brendləşmə imkanı yaranacaqdır.  Turizmin müxtəlif növləri və seqmentləri inkişaf edəcək, bunun hesabına turist səfərləri artacaq. Turizm və rekreasiya zonalarına daxil olan, eləcə də regionda mövcud olan tarixi, mədəniyyət, təbiət abidələrinin qorunması və bərpası işi gücləndiriləcək və onlardan nümayiş obyekti kimi istifadə imkanları artacaqdır. Zonalara daxil olan kəndlərin sosial və iqtisadi inkişafına maraq artacaq, yerli sakinlərin yaşayış tərzinin yaxşılaşmasına, kiçik sahibkarlıq vərdişlərinin və özünüməşğulluğun formalaşmasına əlavə imkanlar yaranacaq.
Ölkə üzrə turizm sahəsindəki orta və kiçik sahibkarlığın dəstəklənməsinə imkan artacaq. Yerli icra orqanları və bələdiyyələr turizm fəaliyyətinə cəlb olunacaq və onlarda özünüidarəetmə vərdişləri daha da təkmilləşəcək. Bölgədə əl işləri sənətkarlığı ənənələrinin bərpasına maraq artacaq. Bu  nümunələrin istehsalı və suvenir kimi turistlərə satışı üçün lazımi şərait yaradılacaq. Yerli əhalinin rifahının yüksəlməsi və yoxsulluğun azaldılması üçün turizmdən istifadə həcmi genişlənəcəkdir. Regionlara yerli və xarici turistlərin səfərlərinin sayı artacaq. Turizm sahəsində xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə nəzarət təmin ediləcək və bu istiqamətdə yaranan münasibətlər tənzimlənəcəkdir. Turizm sahəsində  elektron texnologiyaların və digər innovativ üsulların tətbiqi üçün tədbirlər görüləcək. Azərbaycan Respublikasının regionlarında turizmin mövsümiliyi aradan qaldırılacaq, il ərzində turizm günlərinin sayı artacaq və ilin bütün fəsillərində bu xidmətlərin göstərilməsinə əlverişli şərait yaradılacaqdır. Qonşu ölkələrlə sərhədyanı turizm sahəsində əməkdaşlıq imkanları genişlənəcəkdir.
Hörmətli deputat həmkarlarım,  ölkə vətəndaşlarımız üçün iqtisadi, sosial və hətta siyasi baxımdan çox önəmli olan bu qanun layihəsinin düşünürəm ki, konseptual baxımdan əsas müddəalarını sizə çatdıra bildim. Sizi layihənin müzakirəsində fəal iştirak etməyə və bu sənədə birinci oxunuşda səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, indi hörmətli mədəniyyət və turizm nazirimiz Əbülfəs Qarayevə söz verək, sonra müzakirələrə başlayarıq. Əbülfəs müəllim, buyurun.
Ə.Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İlk öncə turizm ictimaiyyəti adından Turizm haqqında qanun layihəsinin müzakirəsinin Milli Məclisin sessiyasına çıxarılması ilə əlaqədar təşəkkürümü bildirmək istərdim. Fürsətdən istifadə edib məlumat vermək istəyirəm ki, bu qanun layihəsinin hazırlanmasında Mədəniyyət və Turizm Nazirliyinin, geniş turizm ictimaiyyəti nümayəndələrinin  və  Milli Məclisin Sosial siyasət komitəsi üzvlərinin çox böyük əməyi olmuşdur. Fürsətdən istifadə edib zəhməti keçən hər kəsə dərin təşəkkürümü bildirmək istərdim.
Qeyd olunduğu kimi, Azərbaycanda siyasətin ayrılmaz hissəsi olan qeyri-neft iqtisadiyyatının inkişafı ilə bağlı planlarımızda  turizmin özünəməxsus yeri və rolu mövcuddur. Heç də təsadüfi deyil ki, bu sahədə görülən işlər, aparılan islahatlar birbaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Biz son 1 ay müddətində qəbul olunmuş qərar və sərəncamlar silsiləsinə nəzər salsaq, əyani görə bilərik ki, turizmlə bağlı  qəbul olunmuş qərarlar, sözün əsl mənasında,  sənayenin inqilabi islahatlarına təkan verən qərarlar olmuşdur. Azərbaycanda tamamilə dünya təcrübəsinə arxalanan yeni üsullar ondan xəbər verir ki, ölkəmiz bu gün turizm sənayesinin aparıcı qüvvələrindən birinə çevrilməyə hazırdır. Bu da dövlətin siyasətidir və cənab Prezidentin bu sahəyə göstərdiyi diqqət, qayğı və birbaşa verdiyi dəstək, sözsüz ki, bu nəticələrin əldə olunması üçün strateji bir amildir.
Azərbaycan  hörmətli Hadi müəllimin qeyd etdiyi kimi, 2001-ci ildən Ümumdünya Turizm Təşkilatının tamhüquqlu üzvüdür. Sizə məlumat vermək istəyirəm ki, bu gün ölkəmiz onun tamhüquqlu üzvü olmaqla bərabər,  artıq 4-cü ildir ki, onun icraiyyə komitəsinin də üzvüdür.  2017-ci ildən isə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin sədrliyi  funksiyası Azərbaycandadır. Bu da, sözsüz ki, Azərbaycanın turizm sənayesinin dünyada qəbul olunması və onun son illərdə əldə etdiyi müsbət dəyişikliklərin məntiqi nəticəsidir. Dünya Səyahət və Turizm Şurasının məlumatına   əsasən  2016-cı  ildə  turizm  sektorunun dünya  iqtisadiyyatındakı payı 7,6 trilyon ABŞ dolları və 292 milyon iş yeri olmuşdur. Bu isə uyğun olaraq dünya üzrə ümumi daxili məhsulun 10,2 faizini və hər 10 iş yerindən birini təşkil edir.
Bu gün turizm yalnız mehmanxanada çalışan və ya turistlərə birbaşa xidmət göstərən bələdçilərdən ibarət deyil. Turizm bu gün iqtisadiyyatın bütün sahələrini əhatə edən bir sənayedir. Dünya statistikasına uyğun olaraq bir turistin xidmətində duran insanların sayına müxtəlif yanaşmalar mövcud  olsa da,  təxminən 9 nəfərdən 32 nəfərə qədər insanın əməyi tələb olunur ki, 1 turistə xidmət göstərilsin. Ona görə dünya miqyasında bu faizləri, bu münasibətləri sizin diqqətinizə çatdıraraq qeyd etmək istərdim ki, dünya statistikasında bu gün turizm sənayesinin dövriyyəsi bəlkə də bütün digər iqtisadi növlərdən üstündür və burada daha çox  insan əməyindən istifadə olunur. Ölkəmizdə turizm sənayesinin inkişafı hələ ulu öndərin dövründə Azərbaycanda Sovet İttifaqının ikinci turizm iqtisadi zonasının yaradılması ilə bağlı qəbul olunmuş qərar ilə sözsüz ki, uyğunlaşdırılmalıdır. Deməliyəm ki, hörmətli cənab Prezidentimizin məhz o strategiyaya qayıtmasını həmin strategiyanın üzərində işlərin davamının  məntiqi siyasi xəritəsi kimi qəbul etməliyik.
Bu yaxınlarda qəbul olunmuş ixtisaslaşdırılmış turizm sənayesinin inkişafına dair  strateji yol xəritəsi və qeyd etdiyim digər sənədlər sözsüz ki, bu planların gerçəkləşməsinə böyük bir təkan verəcəkdir. Hazırda Azərbaycanda cənab Prezident tərəfindən təsis olunmuş Turizm Şurası fəaliyyət göstərir. Turizm Şurasının tərkibində 18 dövlət orqanının nümayəndəsi çalışır, bunların hamısının müxtəlif  idarə yanaşmalarından kənara çıxsaq, görərik ki, burada ümumi bir dövlət strateji yanaşması mövcuddur. Mən ümidvaram ki, bu gün Turizm haqqında qanun layihəsinin müzakirəsində  hər bir Milli Məclis üzvü  bu strategiyanın  inkişafına dair öz fikirlərini və dəyərli təcrübəsini nəzərdən keçirərək  çıxış edəcəkdir. Söhbət ondan gedir ki, bu gün Azərbaycanda, – bu qanun layihəsində  əks olunan maddələr də ondan xəbər verir, – turizmin çoxşaxəli inkişafının təminatının əsasında durmalıyıq. Yəni bu gün həm ekoloji turizmin, həm ekstremal turizmin, həm kənd yaşıl turizmin, həm mədəni turizmin, həm konqres turizmin, həm də şopinq turizmin müxtəlif formalarından bəhrələnərək Azərbaycana gələn insanların sayını çoxaltmalıyıq. Cənab Prezident  Yevlaxda keçirilən son tədbirdə, yəni toplantıda turizm haqqında danışaraq dedi ki, bunu da bir ixrac kimi qəbul etməliyik. Çünki insanlar Azərbaycana gələrkən burada sərmayə qoymadan müxtəlif valyutanın daxil olmasına şərait yaradır. Odur ki, bunu hansısa dövlət orqanının yalnız bir sənayenin maraqları ilə inkişaf konsepsiyasına bağlamaq olmaz. Bu, ümumdövlət və ümumiqtisadi bir məsələyə çevrilməlidir.  Bu maddələr burada qanuna uyğun olaraq öz əksini tapıbdır.
Qeyd etmək istərdim ki, bu qanun layihəsində Azərbaycanda yeni gerçəkləşən strateji məsələlər də öz əksini tapıb. Bunlar Azərbaycanda yeni yaradılacaq turizm zonaları  və onların idarə olunması ilə bağlı məsələlərdir. Azərbaycanda keyfiyyət baxımından yeni beynəlxalq standartlar tətbiq olunur. Burada Azərbaycanın  turizm sənayesində təhsil sisteminin formalaşdırılmasına dair xüsusi  yeniliklər və çox müasir tələblərə cavab verən maddələr mövcuddur. Azərbaycanda elektron turizm xidmətlərinin fəaliyyətinə xüsusi önəm verilməlidir. Çünki bizim hamımıza çox yaxşı məlumdur ki,  hazırda turizm sənayesində elektron vasitələrdən daha çox istifadə olunur, sifarişlər çevik olaraq həyata keçirilir və bronlaşdırılır. Səyahətlər müxtəlif formalardan yeni formalara keçir. Vaxtilə biz Sovet İttifaqının dövründə  görmüşdük ki, turistlərin avtobuslarla  gəzintisi təşkil olunurdu. Bu gün də bunlar  mövcuddur, amma eyni zamanda, dünya təcrübəsində ailə turizmi, qrup turizmi, maraq turizmi, biznes turizmi, ziyarət turizmi və digər formalar da  mövcuddur. Odur ki, biz istərdik, müzakirələr zamanı bu imkanların genişləndirilməsi, Azərbaycanda tətbiq olunması üçün qanunvericilik bazası formalaşdırılsın.
Nəhayət, sizin dəyərli  vaxtınızı çox almaq istəmirəm, ancaq bir məqama  toxunacağam. Son illər cənab Prezidentin apardığı siyasət nəticəsində Azərbaycanın  viza rejiminin sadələşdirilməsində xidmətlərin daha mütəşəkkil şəkildə həyata keçirilməsi, sözsüz ki, turist axınlarına böyük təsir göstərdi. Azərbaycan müxtəlif ölkələrdə  sərgilərdə iştirak edir, Azərbaycanın turizm potensialı dünyanın aparıcı televiziya şirkətləri vasitəsilə təbliğ olunur. Sözsüz ki, bu, Azərbaycana diqqəti çoxaldır. Məlumat verildi ki, son 3 ayda Azərbaycana keçən ilə nisbətən 25 faiz çox turist  gəlib. Mən sizə məlumat vermək istəyirəm ki, strateji yol xəritəsinə uyğun olaraq  dünyanın marketinq bazarında 15 ölkə müəyyən olunub ki,  biz daha çox təbliğat aparmağa maraqlıyıq və o ölkələrdən gəliş potensialı daha üstündür. Sizə məlumat vermək istəyirəm ki, son bir il müddətində görülmüş işlərin təhlili göstərir ki, məhz 15 ölkədən Azərbaycana gəlmiş insanların sayı bu il müddətində  nəinki 25 faiz, hətta 36 faiz artmışdır. Yəni dövlətin apardığı siyasət ona gətirdi ki, bu ünvanlı layihələr öz əks-sədasını verdi və biz  nəticəni gördük. Bununla da əlaqədar sözsüz ki, Azərbaycanda sahibkarlıq rejimi yumşaldılmış,  yəni sahibkarlıq fəaliyyətinin aparılması üçün vaxtilə tətbiq olunan lisenziya sistemi müvafiq qərarlarla ləğv olunmuşdur.
Bu gün turizm sahəsində fəaliyyət göstərmək üçün heç bir lisenziya tələb olunmur və biz dövlət idarəetmə orqanı olaraq nəzarətin müəyyən bir format üsulunun zəifləməsini  müşahidə edirik. Bu qanunda biz Azərbaycanda yeni, daha müasir, daha çevik və heç bir bürokratik maneələrə imkan verməyəcək bir sistemin olacağını görürük. Cənab Prezident tərəfindən 2 ay müddətində Azərbaycanda turizm dövlət reyestrinin formalaşdırılması haqqında qərar verilib. Düşünürük ki, bu reyestrə daxil olacaq hər bir turizm sahəsinin iştirakçısı həm ictimaiyyət,   həm də götürülmüş öhdəliklər qarşısında daha məsuliyyətli və daha keyfiyyətli xidmətlərin qoyulması məcburiyyəti qarşısında qalacaq. Sözsüz ki, bu da Azərbaycanda otellərin dərəcələrinin sertifikatlaşdırılmasının, turizm şirkətlərinin fəaliyyətinin dəllallar tərəfindən müəyyənləşdirilməsinin qarşısını alacaq və nəzarət funksiyasını internet vasitəsilə şəffaf şəkildə həyata keçirməyə imkan verəcəkdir. Bir sözlə, bu qanunun hazırlanmasına ilkin mərhələdə həm  Ümumdünya Turizm Təşkilatının  mütəxəssisləri, həm də Avropa İttifaqının Tvininq proqramının mütəxəssisləri, cəlb olunmuş və dünya təcrübəsinin tətbiqi ilə bağlı tövsiyələr vermişdilər. Nəhayət, Azərbaycanda son illər hörmətli cənab Prezidentin apardığı  davamlı  siyasətin məntiqi nəticəsi olaraq mövcud olan turizm sahəsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının davamlı inkişaf strategiyasına uyğun olaraq qanun layihəsinin hazırlanması üçün bizə böyük bir imkan yaradıldı. Mən fürsətdən istifadə edib üzümü bütün millət vəkillərinə tutaraq bu qanunun qəbul olunmasında fəal olmalarını xahiş edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əbülfəs müəllim. Hörmətli millət vəkilləri, müzakirəyə başlayırıq. Amma yadınıza salım ki, bu, birinci oxunuşdur. Xahiş edirəm, konseptual yanaşma olsun, özü də 5 dəqiqə. Etiraz yoxdur ki? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyursun Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr.  Mən sənədlə tanış oldum. Doğrudan da, çox müfəssəl hazırlanmış bir sənəddir. Hesab edirəm ki, son zamanlar belə ətraflı və əhəmiyyətli bir sənədin ortaya çıxması nadir hallarda baş verir. Ona görə də bu layihənin üzərində işləyən hər kəsə   təşəkkürümü bildirirəm. Məncə, bu sənədin əsas müddəalarından bir neçəsi, yəni qeyri-neft sektorunun inkişafına kompleks yanaşmalar əsas əhəmiyyət kəsb edir. Əbülfəs müəllim də bir məsələyə toxundu. Turistlərin burada qalması, dincəlməsi ilə yanaşı, burada bir çox sahələrin inkişafı da nəzərdə tutulub. Bu çox gözəl bir yanaşmadır. Üstəlik də artıq bu sahənin inhisara alınmasının mümkün olmaması ilə bağlı fikirlər səsləndi. Bu sənədin 3.1.14-cü maddəsinə inhisarçılığa yol verməmək haqqında müddəanın  salınması da onu göstərir. Hesab edirəm ki,  bunun üçün şərait və imkanlar var.
Turizmi birdən-birə inkişaf etdirmək mümkün deyil və böyük turizmin inkişafı üçün infrastrukturun yaranmasına qədər əgər inhisarçılıq olmayacaqsa və yerlərdə kiçik sahibkarlar kiçik infrastrukturlar quraraq  turistlərin qəbuluna başlayacaqlarsa, onlara dəstək verilməsi çox vacibdir ki, bu kiçik infrastrukturlar qurulsun. Onun üçün də bu sənədə 7.2-ci maddənin salınması təqdir olunan haldır. Yəni bu tipli məsələlərin öz əksini tapması sevindiricidir.
Yaxud da müəyyən məhsulların satışı ilə bağlı. Mən suvenirləri nəzərdə tutmuram, tutaq ki, İsrail Ölü dəniz məhsullarını dünyanın hər yerində satır. Bizim də imkanımız var ki, palçıq vulkanı məhsullarını sataq və yaxud da Naxçıvanda Darıdağ suyunun toz halına salınmış məhsulunu sataq. Bunun üçün müəyyən maddələr də salınıb. Həm 2.2-ci, həm də 20.2.6-cı maddələr buna imkan verir.
Yeri gəlmişkən, Naxçıvanla bağlı deyim ki,  bu sənədin ikinci oxunuşuna qədər və ya sonrakı vaxtlarda komitə bir məsələni xüsusi olaraq nəzərə alsın ki, Naxçıvan turizm üçün unikal bir yerdir və oraya gediş haqqını bir az asanlaşdırmaq lazımdır. Çünki  turistlər üçün olan biletlərin qiyməti ilə yerli əhaliyə  satılan biletlərin qiymətində  fərq var. Onu eyniləşdirmək lazımdır ki, turistlər oraya cəlb olunsun. Çünki Naxçıvanın çox unikal təbiəti  insanların orada istirahət edə bilməsi üçün imkan yaradır. Həm də orada turizmin inkişafı iş yerlərinin açılması vasitəsidir. Mən detallar və təkliflər haqqında danışmayacağam. İkinci oxunuşda təbii ki, o məsələlərə toxunulacaqdır. Güzəştlərin olunması və müəyyən sanator-kurort müalicəsi ilə bağlı mən yenə Naxçıvan məsələsinə qayıdıram ki, orada “Sirab”, “Badamlı” bulaqları ətrafında sanator-kurortların salınmasına əhəmiyyət vermək lazımdır. Mən sənədlərə baxdım. Ümumi olaraq göstərilib ki, Masazır gölündən və yaxud da Hövsan gölündən, palçıq vulkanlarından, bulaqlardan istifadə eləmək imkanları yaradılsın. Kiçik otellərin, məskunlaşma yerlərinin təşkil edilməsi ilə bağlı imkanlar yaradılıbdır. Mən başqa təkliflərə növbəti oxunuşlarda toxunacağam. İndi isə bir daha bu sənədin normal hazırlandığını bildirirəm və buna görə də həm komitəyə, həm də nazirliyə öz təşəkkürümü bildirirəm. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Cənab nazirin və hörmətli Hadi müəllimin çıxışlarında qəbul etmək istədiyimiz qanun layihəsi barədə çox müfəssəl və geniş məlumat verildi. Hər iki çıxışda deyilənləri bölüşürəm. Həqiqətən də, qanun 17 il bundan qabaqkı qanunla müqayisədə müasir tələblərə cavab vermə nöqteyi-nəzərindən, eyni zamanda, beynəlxalq turizmə inteqrasiyanı gücləndirmək istiqamətində mühüm əhəmiyyət kəsb edir. Lakin bəzi məqamlara da diqqət eləmək lazımdır. Cənab nazirin çıxışında çox maraqlı rəqəmlər göstərildi. Dünya ümumi daxili məhsulunun təqribən 10 faizindən, iş yerlərinin də 10 faizindən çoxu turizmin payına düşür. Əgər onun multiplikativ effektini götürsək, bu, 2 dəfə, 3 dəfə artıq alınır. Azərbaycanda ümumi daxili məhsulun 4,5 faizi, – müxtəlif rəqəmlər var, – turizmin payına düşür. Yenə də multiplikativ effekti götürsək, bu rəqəmi iki dəfə artıq demək olar və iş yerlərinin də yuvarlaq şəkildə 3 faizi turizmin payına düşür. Bu da hələlik ilkin variant üçün maraqlıdır. Əgər  biz burada turizmi qanunvericilikdə göstərilən səviyyələrdə inkişaf etdirsək, onda turizm sahəsində açılan bir iş yeri ən azı 8–9 iş yerinin də açılmasına gətirib çıxaracaq ki, bu da bilavasitə kiçik orta biznesin inkişaf etdirilməsi nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir. Eyni zamanda, bu sənəddə xeyli dərəcədə müsbət məqamlar var ki,  burada qeyd edildi, amma təkmilləşdirmə istiqamətində bəzi məsələlərə diqqət eləmək lazımdır.
Düz 24 il bundan qabaq Türkiyənin 8-ci prezidenti mərhum Turqut Özalla söhbət zamanı o, turizm haqqında çox maraqlı bir fikir dedi ki, biz turizm zonalarını inkişaf etdirəndə inkişaf etmiş ölkələrdəki səviyyədə olan otellər yarada bildik. Biz xidməti qaldırmaqdan və keyfiyyəti yüksəltməkdən ötrü həm ölkəmizdə, həm də xaricdə xeyli insan oxuda bildik. Amma bunlar az idi. Rəqabəti də udmaq lazım idi. Rəqabəti udmaq istiqamətində  fikirləşirdik, amma otellərin hasarları qurulanda bu sualın cavabı öz-özünə tapıldı. Biz yalnız ekoloji təmiz məhsul hesabına rəqabəti uda bilərdik. Mən bu misalı ona görə gətirdim ki, 24 il bundan qabaq aramızda olan söhbət bu gün Azərbaycan üçün aktualdır. Əgər biz ekoloji təmiz məhsul istehsalını genişləndirə bilsək, ən azı regionda rəqabəti udmaq istiqamətində ciddi addım atacağıq.
İkinci qeyd eləmək istədiyim məsələ ondan ibarətdir ki, bu qanun layihəsi yaxşı yazılıb. Amma  bir məsələ var. Burada dövlət idarəetməsi, tənzimləməsi və sair məsələlərə lazım olduğundan çox yer verilir. Tarix və dünya təcrübəsi göstərir ki, menecerlərin arasında  ən pisi dövlətdir. Əgər biz dünya təcrübəsində özünü doğruldan aksioma xarakterli bu məsələyə diqqət eləməsək, həmin idarəetmə, tənzimləmə müdaxiləyə gətirib çıxara, xeyli dərəcədə əlavə problem yarada bilər. Ona görə də burada dövlət tənzimləməsi və idarəetməsinin sərhədləri kifayət qədər öz əksini tapmalıdır ki, ifrata varılmasın.
Azərbaycana gələn turistlər, əsasən, Rusiyadan,  MDB ölkələrindən, İrandan, Türkiyədən olur. Son vaxtlar ərəb ölkələrindən də gəlirlər. Sosial şəbəkələrdə tez-tez hansısa ərəbin ovda əldə etdiyi nailiyyətlərdən bəhs edən yazılara rast gəlinir. Mən hesab edirəm ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da bu məsələ qanunla tənzimlənməli, qanun da hamıya aid edilməlidir. Bir milyona görə Azərbaycanın faunasını kimlərəsə  məhv etdirmək olmaz. Sonradan bizə 100 milyonlar lazım olacaq ki, o faunanı bərpa edək. Bu qanun layihəsində həmin sahədə həm ictimai nəzarət mexanizminin, həm də qanunların sərtləşdirilməsi lazımdır ki, bu məsələdə qanundan yuxarıda duran heç bir təbəqə olmasın, çünki söhbət Azərbaycanın faunasından gedir. Burada bələdiyyələrə geniş yer verilir, amma çox təəssüflər olsun ki, onlara kifayət qədər səlahiyyət verilmir. Ona görə də həmin maddə yalnız  sözdən ibarət olacaq. Amma yerlərdə mütləq bələdiyyələrin rolunu artırmaq lazımdır ki, turizmin inkişafına əlavə təkan verən bir amilə çevrilsin. Bütün deputat həmkarlarımı qanunun qəbul edilməsinə dəvət edirəm, çünki çox yüksək səviyyədə hazırlanıb. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Həm Hadi müəllimin, həm də Əbülfəs müəllimin çıxışlarında  bu qanunun mahiyyəti, tələbləri barəsində geniş məlumat verildi. O baxımdan mən hesab edirəm ki,  birinci oxunuş olduğu üçün  konseptual baxımdan biz bunu  qəbul edə bilərik. İkinci oxunuşda isə maddələr üzrə  təkliflərimizi verə bilərik. Çünki birinci oxunuşun  xüsusiyyəti ondan ibarətdir ki, bunun  zəruriliyi bilinsin, biz də bu haqda öz fikirlərimizi deyək. Həmkarlarım tərəfindən kifayət qədər deyildi və ona görə də bunun qəbul olunmasının  tərəfdarıyam. Çünki bizim digər məsələlərimiz də  var və bunların hər birinə  müəyyən vaxt ayırmağa ehtiyac duyulur.
Qeyd etmək istəyərdim ki, Azərbaycanda turizmlə bağlı çox böyük işlər görülübdür. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycanın hər bir bölgəsində  böyük turist mərkəzləri yaradılıbdır. Həm qış turizmi, həm də yay turizmi üçün hər cür şərait var və hesab edirəm ki, bunların sayını getdikcə artırmalıyıq. Hərtərəfli informasiyanı geniş lən dirməliyik və buraya gələn insanların sayı nə qədər çox olacaqsa, ölkəyə bir o qədər də vəsait qoymuş hesab olunacaq. Bu sahədə nazirlik də kifayət qədər işlər aparır. İstər turizm sahəsində, istərsə də mədəniyyət abidələrinin qorunması, saxlanması, təmir olunub yenidən istifadəyə verilməsi sahəsində işlər görülür. O cümlədən müxtəlif kilsələr və dini obyektlər var ki, bunların da hər biri turistlərin diqqətini cəlb edir və onlar  orada olmaq istəyirlər. Lakin bir sıra məsələlər var ki, mən hesab edirəm, birbaşa Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti ilə bağlı olmasa da, digər strukturların fəaliyyəti ilə bağlıdır. Amma hesab edirəm ki, birlikdə bu məsələnin aradan qaldırılmasına çalışmalıyıq. Birinci növbədə gələn turistlərin kimliyi, doğrudan da, vacib məsələdir. Turist kimi gəlib,  çatan kimi buna bir viza verək, gəlsin Azərbaycanda qalsın, elə olmaz. Ciddi şəkildə dəqiqləşdirmə aparılmalıdır. Bu gün dünyada baş verən hadisələrə nəzər salsaq, görərik ki, hansı hadisələr baş verir.  Azərbaycan ərazisinə gələn insanların da kimliyi vacib şərtlərdən biridir.
İkincisi, otellərdə o insanların  təhlükəsizliyi ilə bağlı müəyyən işlər görülür. Amma mənzillərdə yaşayanlarla bağlı vəziyyət başqa cürdür. Elə olur ki, yeni tikilmiş binalarda 6–8 nəfər bir mənzildə yaşayır. Vergidən yayınmaq üçün onların qeydiyyatı ilə məşğul olmurlar və  kütləvi şəkildə o mənzillərdə yerləşdirirlər. Bilinmir bu kimdir, bir 10 gündən sonra hansı hadisəni törədəcək, nə baş verəcək. Bunların heç birindən heç kəsin xəbəri yoxdur. Hətta onların pasportlarının, şəxsiyyət vəsiqələrinin surəti belə çıxarılmır ki, heç olmasa, sabah bilinsin, bu kim idi, nəçi idi? Hansı yolun yolçusu idi? O baxımdan mən hesab edirəm ki, bu məsələyə çox ciddi  yanaşmalıyıq. Biz 5 manata, 10 manata görə ölkədə qurulan bu ictimai-siyasi sabitliyi pozmağa və yaxud da  təhlükəsizlik sistemimizi zəiflətməyə doğru addım ata bilmərik.
Digər bir tərəfdən elan yazırlar, halal otel. Halal otel nə deməkdir? Hansı terminologiyaya uyğundur? Yəni qalanları haramdır? Yaxud da haramdırsa, burada hansı hadisələr baş verir? O baxımdan da  buna diqqət yetirmək lazımdır. İndi ola bilər, turisti, yaxud da kimisə cəlb etmək istəyir, bu aydın məsələdir. Daha bunun halallığı, haramlığı nə deməkdir? Bir vaxtlar  kolbasalara da qoymuşdular, halal kolbasa, haram kolbasa. İndi də otellərin bu cür reklamına keçirlər. O baxımdan hesab edirəm ki, Azərbaycan dünyəvi bir dövlətdir. Dünyəvi dövlət olduğuna görə də  Avropada, dünyanın başqa yerlərində otellərə hansı qaydada tələb qoyulursa, bizdə də o qaydada qoyulmalıdır. Bu yaxınlarda biz mənzillərin  otellərə çevrilməsi ilə bağlı qərar qəbul elədik. Amma mən hesab edirəm, Ziyafət müəllim, buna ciddi şəkildə nəzarət olunmalıdır. Özü də bu, bilavasitə Sizin komissiyanın səlahiyyətlərinə daxil olan məsələdir. Sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm, Siyavuş müəllim. Təhlükəsizlik məsələləri ilə bağlı danışdınız. Amma burada mənə elə gəlir ki, ciddi narahatçılığa səbəb yoxdur. Əvvəla, o gələn turistlərin hamısı sərhəd xidmətindən keçirlər. İstər təyyarə ilə gəlsin,  istərsə  qatarla gəlsin, onlar miqrasiya xidmətindən keçirlər, uçota düşürlər. Biz axı qanunlarda dəyişikliklər elədik. Yəni güman eləmirəm ki, burada narahatçılığa əsas var. Amma sözsüz ki,  ayıq-sayıqlıq yaxşı haldır, biz bunu həmişə nəzərə alırıq və bundan sonra da nəzərə alacayıq. Zahid Oruc.
Z.Oruc. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Doğrudan da, əgər səsə qoymaq fikri qətiləşibsə, mən bu fikrin əleyhinə getmirəm. Xeyr, müzakirələr davam edəcəksə, bir-iki kəlmə deyim.
Sədrlik edən. Buyurun.
Z.Oruc. Təşəkkür edirəm. Burada həm hörmətli Hadi müəllim, həm də hörmətli Əbülfəs müəllim qısa şəkildə ötən illər ərzində turizm sahəsində görülən köklü tədbirlərə yer verdilər. İndi onun hüquqi bazası daha da təkmilləşir və möhkəmlənir. Bir neçə müddət bundan əvvəl turizm sahəsi ilə bağlı beynəlxalq təşkilatları, qurumları buraya dəvət etmək üçün nazirlik turizm sərgisi olaraq çox yaxşı bir tədbir həyata keçirmişdi. Burada dünyanın turizm sahəsinin əsas siyasətini, parametrlərini daha yaxşı görmək mümkün oldu. Bu, nədən ibarət idi? Bəlli oldu ki, dünyada insanlar öz ömürlərini uzatmaq uğrunda çarpışırlar. Çox sadə, hamıya məxsus hissdir. Eyni zamanda, illər boyu qazandıqları xəstəlikləri aradan qaldırmaq istəyirlər. Ona görə dünənə qədər yalnız otellər üzərində,  mətbəxlər üzərində qurulan turizm siyasəti öz yerini  yeni dövrə verir.  Sloveniya, Bolqarıstan, Çexiya, o cümlədən Gürcüstan və bir sıra hallarda Rusiya bu bazarda fəal şəkildə öz mövqelərini irəliyə çıxara bilir. Niyə? Çünki sizin dediyiniz o tibbi turizm, müalicəvi turizm digər bütün turizm sektorlarını üstələməkdədir. Azərbaycanda da bu sahədə  gözəl imkanlarımız var. Müalicəvi sularımız var. Sadəcə, biz onu hərəkətə gətirərək dediyimiz o bazarda özümüzə mühüm yer qazana bilərik.  Gədəbəy rayonundan Daşkəsənə qədər, o cümlədən Qaxda gözəl müalicəvi sular axıb gedir. Qafqaz dağlarının bir hissəsində Rusiya çox uğurla həmin o suların üzərində sanatoriyalar tikərək onlarla xidmət həyata keçirir.
Turistin çox sadə bir hissi var. Hansı millətə məxsus olmasından asılı olmayaraq onun hissinin adı sağlamlıqdır. O qəbul etdiyi prosedurlardan daha artıq pulu otelə verməz. Niyə versin ki? Bu mənada bizim daxildə qurmaq istədiyimiz turizm sektorları həmin insani hissi nəzərə almalıdırlar. Naftalanda bir vannanın qəbulu 12 manatdır. Amma oteldə qalmaq 100 manatdır. Əcnəbinin əvəzindən düşünün. Həmin pula o, Sloveniyada 32–35 prosedur qəbul edə bilər. Aparıb pulunu otelə niyə versin, gedib sanatoriyada qala bilər. Ona görə sanki bizdə turizm varlılar üçündür. Xəstə olan insanlarımızın  daha çox Gürcüstana üz tutması dediyimiz o amilə bağlıdır.  Yalnız kababxanalar,  yeməkxanalar üzərindən, təbiət gözəlliyi üzərindən siyasət qurula bilməz. Dünyada  xəstəxanalar sanki sanatoriyalara köçürülüb və bu, turizm üçün ən yaxşı bir bazisə çevrilməkdədir. Mən Pyatiqorskdan tutmuş Həştərxana və sairə qədər olan o əsas aparıcı amilləri burada saya bilərdim. Ancaq görürəm ki, hörmətli həmkarımız Siyavuş Novruzov və hörmətli Rövnəq müəllim də qeyd edirlər ki, bundan sonra bir neçə mühüm layihə var. Həm də bu gün vacib beynəlxalq tədbirlər var. Əgər belədirsə, mən bu layihəyə səs verəcəyəm. Təşəkkür edirəm, sağ olun.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Təkid edən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də hesab edirəm, konseptual baxımdan bu layihəni qəbul edək. Bu çox mühüm bir layihədir, ikinci oxunuşda vaxtımız çox olacaq. Daha geniş müzakirə apara biləcəyik. Xahiş edirəm, birinci oxunuşda konseptual baxımdan bu layihəyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Əbülfəs müəllim, Allah qoysa, ikinci oxunuşdan sonra Sizi təbrik edərik, sağ olun.
Gündəliyin 2-ci məsələsinə keçirik. Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında qanun layihəsi. Buyursun Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Adı çəkilən qanun layihəsi Milli Məclisin müzakirəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  məktubu ilə daxil olub. Təbii ehtiyatlar,  energetika və ekologiya komitəsinin 2017-ci il 21 aprel tarixində keçirilən iclasında müzakirə olunub və Milli Məclisin müzakirəsinə tövsiyə edilib. Fürsətdən istifadə edib bizim komitənin iclasında  iştirak edən deputatların hamısına öz minnətdarlığımı bildirmək istəyirəm. Məqsədimiz məsələnin mürəkkəbliyini nəzərə alaraq deputatlarımızı  həm sazişlə, həm də qanun layihəsi ilə tanış etmək idi.
Keçim əsas məsələyə. Təqdim edilmiş Risk Xidmət Sazişi və müqavilə bir bloka aiddir. Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu blokdan söhbət gedir. Ümid geoloji strukturu 1953-cü ildə kəşfiyyat işləri çərçivəsində aşkar olunmuşdu.  Dövlət Neft Şirkəti 2008-ci ildə belə qərara gəlmişdi ki, bu strukturda kəşfiyyat işlərinin aparılmasını öz gücü ilə davam etdirsin. Nəticə olaraq 2010–2011-ci illərdə  iki kəşfiyyat quyusu qazılmışdı. İlkin hesablamalara görə müəyyən edilmişdi ki, Ümid yatağında 200 milyard kubmetr təbii qaz, 40 milyon ton konsentrat ehtiyatı var. Ümid yatağı üzrə hasilat 2012-ci ildən etibarən həyata keçirilir və 2017-ci il 1 mart tarixinə bu yataqdan iki yüz on min ton kondensat, 1 milyard 314 milyon kubmetr təbii qaz hasil olunmuşdur. Babək perspektiv strukturu isə 1954-cü ildə aşkar edilmişdi. Seysmik kəşfiyyat işləri və sonradan aparılan işlər nəticəsində ehtimal olunur ki, Babək perspektiv strukturunda Ümid qaz kondensat yatağı ilə hidrodinamik əlaqədə ola bilən yataq da aşkar ediləcəkdir. Məlumdur  ki, Azərbaycanda yerli bazarın neft və təbii qazın emalından alınan məhsullara olan tələbatının ödənilməsi Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilir.
Burada bir məqama toxunmaq lazımdır ki, daxili bazarda satışa çıxarılan neft və qaz məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənir və bu səbəbə görə də çox riskli olan təbii qaz ehtiyatlarının kəşfi və işlənməsinə iri həcmdə sərmayənin cəlb edilməsi kommersiya cəhətdən əlverişli olmur. Bu da öz növbəsində gələcəkdə ölkənin ildən-ilə təbii qaza artan tələbatının təmin edilməsində problemlər yarada bilər.
Bildiyiniz kimi, hazırda yeni yataqların kəşfi və işlənməsi xarici neft şirkətləri ilə Hasilatın pay bölgüsü sazişləri çərçivəsində aparılır. Bu sazişlər, təbii ki, riskli və böyük miqdarda sərmayə tələb etdiklərinə görə birinci növbədə dövlət tərəfindən maksimum gəlir əldə etmək məqsədi ilə  xarici şirkətlərə qoyulan kapitalın ödənilməsi üçün hasil olunmuş karbohidrogenlərin ən yüksək qiymətlə  dünya bazarlarına çıxarılmasını tələb edir. Bununla yanaşı, daxili bazar üçün təbii qaz təchizatının tam nəzarət altında saxlanılması, xarici amillərdən asılılığın azaldılması, daxili bazarda təbii qaza olan tələbatın mümkün qədər aşağı qiymətə təmin edilməsi hökumətin əsas strateji məqsədləri olduğuna görə  Ümid və Babək bloklarının SOCAR tərəfindən işlənməsinə qərar verilmişdir. Yatağın işlənməsinin aparılması və müvafiq olaraq lazım olan maliyyələşdirmənin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 may tarixli Sərəncamı ilə SOCAR-a  Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında Risk Xidmət Sazişini hazırlamaq və onu imzalamaq səlahiyyəti verilmişdir.
Qeyd etmək lazımdır ki, bu günə qədər Milli Məclisdə müzakirə edib qəbul etdiyimiz 30-dan artıq Hasilatın pay bölgüsü sazişlərinə oxşar qaydalara uyğun olaraq hazırlanmış Risk Xidmət Sazişi və ona əlavə olunan müqavilə də bu qaydalara uyğun hazırlanmışdır.  Öncə qeyd edim ki, hökuməti təmsil edən bu sazişdə bir tərəfdə Neft Şirkətidir, digər tərəfdə 100 faiz iştirak payı Dövlət Neft Şirkətinə məxsus olan Kayman adaları qanunlarına əsasən təsis olunmuş və orada da qeydiyyatdan keçmiş SOCAR Umid Oil and Gas Limited şirkətidir. Burada təəccüblü bir şey yoxdur. Çünki beynəlxalq təcrübədə bu cür  layihələr üçün xüsusi təyinatlı şirkətlərin yaradılması təbii  və təcrübədə tətbiq olunan bir haldır.
SOCAR və SOCAR Umid Oil and Gas Limited şirkətləri arasında saziş imzalanmışdır və bu sazişin beşinci əlavəsində bu layihənin işlənməsini təmin edən müqavilə də təqdim olunmuşdur. Risk Xidməti Sazişinin kommersiya sxeminə uyğun ümumi hasilatın neft, qaz və kondensat mülkiyyət hüququ çatdırılma məntəqəsində dövlət tərəfindən SOCAR Ümid tərəfinə ötürülməlidir. SOCAR Ümid Şirkətinə hüquq verilir ki, sazişin tərkib hissəsi olan müqavilənin şərtlərinə uyğun olaraq öz mülkiyyət hüququnu podratçıya ötürsün. Podratçı ilə münasibətlər bayaq qeyd etdiyim müqavilədə öz əksini tapıb. Podratçı ilə olan  bu müqavilə 100 faiz SOCAR-a məxsus olan SOCAR Umid Oil and Gas Limited şirkəti tərəfindən, bir də Kayman adalarında təsis olunmuş və qeydiyyatdan keçmiş Umid, Babek Exploration and Production Şirkəti tərəfindən imzalanmışdır və bayaq dediyim kimi, Hasilatın pay bölgüsü sazişlərinə tam uyğun olaraq öhdəliklər, vəzifələr, münasibətlər çərçivəsində tənzimlənir. Kontrakt sahəsi bayaq dediyim kimi, Ümid və Babək  strukturlarını əhatə edir və 312 kvadratkilometrə yaxın ərazisi var. Podratçı tərəflər hər zaman olduğu kimi neft-qaz əməliyyatlarının müvafiq şəkildə aparılması üçün tələb olunacaq vəsait ilə təminatını öhdəsinə götürməli və yerinə yetirməlidirlər. Habelə podratçı tərəflər neft-qaz əməliyyatlarını müqavilə şərtlərinə müvafiq şəkildə lazımi səylə, təhlükəsiz və səmərəli şəkildə, beynəlxalq neft-qaz sahəsində hamılıqla qəbul edilmiş prinsiplərə uyğun olaraq aparmağı öhdələrinə götürürlər.  Bu öhdəliklər yerinə yetirilməsə, müvafiq qaydada cəzalar nəzərdə tutulub. Əgər fikir verdinizsə, sazişin müddəti və dövrləri var. Babək kəşfiyyat strukturuna aid əlavə kəşfiyyat dövrü, marketinq dövrü, işlənmə və hasilat dövrü. Təbii ki, Ümid strukturu üçün ancaq işlənmə və hasilat dövrü var. Kəşfiyyat dövründə Babək strukturunda podratçı 3 il ərzində aşağısı, bir kəşfiyyat quyusu qazmalıdır. Dövlət Neft Şirkətinin razılığı olsa, əlavə kəşfiyyat dövrünə keçə bilər və bu dövr ərzində müvafiq şəkildə qeyd edilmiş iki kəşfiyyat quyusunu da qazmalıdır. Əgər kəşfiyyat işləri nəticəsində təbii qaz və kondensat aşkar edilsə, podratçıya imkan verilir ki, marketinq dövrünə keçsin və bu dövr ərzində hasil edəcəyi məhsulun satılması, bazarlara çatdırılması məsələlərinin həlli üçün lazımi tədbirlər görsün.
İşlənmə və hasilat dövrü hər bir  layihə üçün 30 il davam edə bilər, əgər şirkət tərəfindən təsdiq olunarsa, bu dövr 5 il də uzadıla bilər. Məsrəflərin əvəzinin ödənilməsini adi qaydada 34 dəfə müzakirə eləmişik, xırdalamağa yəqin ki, ehtiyac yoxdur. Ancaq  bir xüsusiyyəti qeyd edim,  nəzərə alaq ki, Ümid yatağından hasil olunan təbii qaz ancaq daxili bazarda  tənzimlənən qiymətlərə satıla bilər. Mənfəət yüksək olmadığına görə, ola bilsin ki, heç olmasın. Sadə bir sxem nəzərdə tutulub, əgər mənfəət varsa, Dövlət Neft Şirkəti tərəfindən  dövlətlə şirkət arasında 50:50-yə bölünür.  Babək strukturunda  hasilat olacağı halda, – yəqin ki, yadınızda var, – R amilinə əsaslanan sxem qurulub. Dövlətin payına düşən 45 faiz, podratçının payına düşən 55 faiz mənfəət. Sonra, dövlətin payına düşən 90 faiz qalxır, podratçının payına düşən isə 10 faizə qədər azalır.
Sazişdə hər zaman  olduğu kimi, tərəflərin təminatlarını, qarşılıqlı hüquq və öhdəliklərini tənzimləyən qaydalar, obyektlərdən və torpaqlardan istifadə qaydaları, karbohidrogenlərin qiymətləndirilməsi metodikasını müəyyənləşdirən fors-major halları, sazişin qüvvəsinə xitam verilməsi halları, bütün bu məsələlər öz əksini tapıb. Hər zaman olduğu kimi, podratçı aparılan işləri illik iş proqramları çərçivəsində Dövlət Neft Şirkətinə, yaxud da ki, sazişin o biri tərəfinə təqdim edərək təsdiqləməli və icra etməlidir. Vaxtınızı almayım, başqa sazişlərdə olduğu kimi, burada da bütün məsələlər öz əksini tapıb. Ona görə də təklif edirəm ki, qanun layihəsini dəstəkləyib səs verək, qəbul edək. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim, yaxşı izahat verdiniz. Vahid Əhmədovun sualı var. Buyurun, Vahid müəllim.
V.Əhmədov. Çox sağ olun, cənab Sədr. Valeh müəllim geniş məlumat verdi. Ümumiyyətlə, biz Milli Məclisdə çoxlu saziş təsdiq etmişik. Bu sazişə də baxanda, – mən kontraktları da oxumuşam, –  başa düşmək olmur, əgər SOCAR Şirkəti fəaliyyəti həyata keçirəcəksə və Ümid yatağı faktiki olaraq SOCAR Şirkətinin tərkibindədirsə, əlavə bir şirkətlə müqavilə bağlamağın nə əhəmiyyəti var? Nə məqsəd daşıyır? Çünki əlavə vəsaitin  hamısı SOCAR Şirkəti tərəfindən qoyulur və hətta biz bunu Milli Məclisdə də təsdiq etdik. Mən istərdim ki, bu məsələyə aydınlıq gətirilsin.
V.Ələsgərov.  Mən qısa olaraq qeyd etdim ki, beynəlxalq təcrübədə xüsusi təyinatlı layihələrin həyata keçirilməsi üçün xüsusi təyinatlı şirkətlərin yaradılması adi bir haldır. SOCAR özü belə bir layihəni həyata keçirsə, borclanmalıdır. TANAP var, TAP var, çox böyük miqdarda pul tələb edən başqa layihələr var. Bu yaradılmış şirkətin həm hüquqları, həm də öhdəlikləri konkret bir layihə ilə məhdudlaşır və şirkət üçün şərait yaradılır ki, xarici bazarlarda borclanmaya girə bilsin və bu borclanmanın əvəzini hasil etdiyi və bazarda satdığı məhsulun satışından əldə etdiyi gəlirlə ödəsin. Adi standart haldır.
Vahid müəllim, inanın, minlərlə misal gətirə bilərəm ki, xüsusi təyinatlı şirkətlər yaradılır və burada məsuliyyət  artıq SOCAR-ın  deyil, bu şirkətin məsuliyyəti olur, bu şirkət borclanmaya girir və məsuliyyət daşıyır. SOCAR üçün də dəstək vermək daha asan olur və bu şirkət də xüsusi təyinatlı şirkət olduğuna,  öz layihəsi çərçivəsində məsuliyyət daşıdığına, başqa münasibətlərə görə öhdəlik daşımadığına görə borclanmanı daha yüngül və əlverişli şərtlərlə həyata keçirə bilir.  SOCAR-ın borcları, öhdəlikləri artıq buna təsir eləmir. Bu sxem çox əlverişli  olduğuna görə buna gedirik. 6 milyarda yaxın vəsait tələb olunacaq. SOCAR-ın 6 milyardı varsa,  bundan daha önəmli layihələr var. Amma bununla paralel olaraq Azərbaycan bazarında qaz tələbatını ödəmək üçün bu layihə həyata keçirilməlidir.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli deputatlar, qalan 10 məsələmiz qısa məsələlərdir. Əgər operativ işləyə biləriksə, onda fasiləsiz işləyək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda gündəliyin üçüncü məsələsinə keçirik. Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında Sazişin təsdiq edilməsi barədə buyursun Sevinc Fətəliyeva.
S.Fətəliyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim olunan qanun layihəsi Azərbaycan Respublikasının növbəti ikitərəfli münasibətlərinin inkişafının nəticəsi kimi qəbul oluna bilər. Bu cür qanun layihələri  dəfələrlə parlamentdə müzakirə olunub. Bildiyiniz kimi, Azərbaycan Respublikası və Latviya Respublikası arasında diplomatik pasportlara malik olan şəxslər artıq parlamentin qəbul etdiyi qərarla vizadan azad ediliblər. İndi isə diqqətinizə təqdim olunan qanun layihəsi xidməti pasportlara aiddir. Düşünürəm ki, bu qanun layihəsi də ikitərəfli əməkdaşlıq üçün yeni imkanların yaradılmasına böyük töhfə verəcək. Bu layihə komitəmiz tərəfindən tam dəstəklənib və mən xahiş edərdim, bu qanun layihəsinə səs verəsiniz.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti iki məsələ də bir məktubla gəlib. “Diplomatik xidmət haqqında” Qanunda dəyişiklik edilməsi, eləcə də “Pasportlar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Birinci məsələ barədə buyursun Sevinc xanım Fətəliyeva.
S.Fətəliyeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim olunan “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununa təklif edilən dəyişikliyin əsasında cənab Prezidentin cari ilin yanvar ayında imzaladığı fərman durur. Bu fərman Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqındadır.  Təqdim olunan dəyişiklik ondan ibarətdir ki, bu fərmana əsasən Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilir. Millət vəkillərindən bu qanun layihəsini dəstəkləməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Qüdrət Həsənquliyev. 
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən bu dəyişikliyə səs verəcəyəm. Amma təklif edərdim ki, – əvvəllər də bu məsələni qaldırmışam, – biz Mərkəzi Seçki Komissiyasının üzvlərinə də diplomatik pasport verək. Bir də bəzi vəzifəli şəxslərin bilirik ki, həyat yoldaşlarına da diplomatik pasportlar veririk, bu səbəbdən millət vəkillərinin də həyat yoldaşlarına diplomatik pasportların verilməsi məsələsini gündəmə gətirmək lazımdır. Düşünürəm ki, Oqtay müəllim, bunu müvafiq orqanlarla müzakirə eləsəniz, yaxşı olar.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Beşinci məsələ “Pasportlar haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli millət vəkilləri, “Pasportlar haqqında” Qanuna təklif olunan dəyişikliklər bir az öncə səs verdiyimiz “Diplomatik xidmət haqqında” Qanundan irəli gəlir. Belə ki, xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlardakı ticarət nümayəndələrinə diplomatik pasportların verilməsi ilə bağlı qanuna dəyişikliklər təklif olunur. Bu da, təbii ki, məqsədəmüvafiqdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 4 məsələ də bir zərflə daxil olub. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə buyursun Musa Quliyev.
M.Quliyev, Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Nəzərinizə təqdim olunan “Dərman vasitələri haqqında” Qanunun 16.1-ci maddəsinə edilən dəyişiklik qanunların uyğunlaşdırılması xarakteri daşıyır. Belə ki, ötən ilin oktyabrında biz “Dərman vasitələri haqqında” Qanuna dəyişiklik etdik və orada “bioloji fəallığa malik qida əlavələri” sözlərini əlavə etdik. Belə bir maddə bu qanuna da daxil edildi. Ona görə də indi təqdim olunan dəyişiklik həmin dəyişikliklə bağlıdır. “Dərman vasitələrinin reklamı” adlanan 16–1-ci maddədə “bioloji aktiv əlavə və qida əlavəsi” sözləri “bioloji fəallığa malik qida əlavəsi” sözləri ilə əvəz olunur. Xahiş edirəm, bu dəyişikliyi dəstəkləyəsiniz. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 7-ci məsələ “Yeyinti məhsulları haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Eldar İbrahimov.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputat həmkarlarım, müzakirənizə təqdim olunan “Yeyinti məhsulları haqqında” Qanunun “Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatı” adlanan 7-ci maddəsinin beşinci hissəsində “bioloji aktiv əlavələrin” sözlərinin “bioloji fəallığa malik qida əlavələrinin” sözləri ilə əvəz edilməsi təklif olunur. Burada söhbət “Yeyinti məhsulları haqqında” Qanunun 2016-cı il 14 oktyabr  tarixində qəbul edilmiş və məndən qabaq hörmətli həmkarım Musa müəllim tərəfindən təqdim olunan “Dərman vasitələri haqqında” Qanuna uyğunlaşdırılmasından gedir. Ona görə də, xahiş edərdim, hörmətli həmkarlarım bu qanuna səs versinlər.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Reklam haqqında” Qanundakı dəyişikliklər də eyni məzmundadır. Buyursun Ağalar müəllim.
A.Vəliyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dəyərli həmkarım Musa müəllim “Dərman vasitələri haqqında” Qanuna təklif olunan dəyişiklik barədə ətraflı məlumat verdi. Adı çəkilən qanuna təklif olunan dəyişikliyə uyğun olaraq digər qanunlarda, o cümlədən “Reklam haqqında” Qanunda da müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranır. Belə ki, qanunun 29.2.7-ci maddəsində “bioloji aktiv əlavə və qida əlavəsi” sözlərinin “bioloji fəallığa malik qida əlavəsi” sözləri ilə əvəz olunması və buna uyğun olaraq 30.1-ci, 30.4-cü, 30.5-ci və 30.6-cı maddələrdə də müvafiq dəyişikliklərin edilməsi təklif olunur. Eyni zamanda, bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir. Qanuna yeni 30.7-ci maddə əlavə edilir və bununla da həkim resepti olmadan buraxılan dərman vasitələrinin  reklamında bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi kimi təqdim edilməsinin qarşısı alınır. Zənnimcə, təklif edilən dəyişikliklərin qəbul olunması və müvafiq qanun layihəsinin dəyərli həmkarlarım tərəfindən dəstəklənməsi məqsədəuyğun olardı. Diqqətinizə görə təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 9-cu məsələ İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər əvvəl müzakirə etdiyimiz məsələlərin məntiqi davamıdır. Belə ki, “Dərman vasitələri haqqında” Qanuna edilmiş dəyişiklik nəticəsində bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə məsuliyyət təklif olunur. Bu da cərimə formasındadır. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 10, 11, 12-ci məsələlər də bir zərflə daxil olub. Əli müəllim, xahiş edirəm, üçünü də məruzə edin, sonra ayrılıqda səsvermə keçirərik. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bu 3 məsələ mahiyyəti üzrə oxşardır. Belə ki, 2016-cı ildə Cinayət-Prosessual Məcəlləyə dəyişiklik edilmişdi və həmin dəyişikliyə əsasən hökmün və cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın yalnız mülki iş üzrə deyil, həmçinin inzibati və ya iqtisadi mübahisə üzrə icraat zamanı da preyudisial əhəmiyyəti müəyyən olunmuşdur. Preyudisial o deməkdir ki, əvvəlki qərarın mübahisələndirilməsinə yol verilmir. Əgər qanuni qüvvəyə minmiş qərar varsa, digər işlərə də baxılanda mütləq həmin qərara uyğun mülahizələr yürüdülməlidir. Bu düzəliş həm Mülki Prosessual, həm Cinayət-Prosessual, həm də İnzibati Prosessual Məcəlləyə təklif olunur. Hər üçünün  mahiyyəti  eynidir. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Gündəliyin 10-cu məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
11-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, sonuncu, 12-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Daşınar əmlakın yüklülüyü haqqında qanun layihəsi barədədir, ikinci oxunuşdur. Buyursun Ağalar Vəliyev.
A.Vəliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Daşınar əmlakın yüklülüyü haqqında qanun layihəsinin konseptual əhəmiyyəti və aktuallığı barədə həm komitədə, həm də plenar iclasda birinci oxunuş zamanı geniş və ətraflı məlumat verilmişdi. Qanun layihəsində kiçik və orta sahibkarların və eləcə də əhalinin digər hissəsinin maliyyə resurslarına çıxışlarının artırılması, həmin resursların daha ucuz və uzunmüddətli cəlb edilməsinə şərait yaradılması, daşınar və daşınmaz əmlakın istifadəsində hazırda mövcud olan maliyyə paradoksunun aradan qaldırılması, eyni daşınar əmlak üzrə məhkəmə mübahisələrinin yaranmasının azaldılması, əmlakını girov qoyan şəxsin həddindən artıq borclanmasının qarşısının alınması və kredit təkliflərinin daha sərfəli olması məqsədini daşıyır. Bununla yanaşı, qanun layihəsi ilə bağlı səslənən fikirlər bir daha göstərdi ki, onun daha da təkmilləşdirilməsinə zərurət var. Bu məqsədlə müzakirələrdə  səslənən hər bir fikrə diqqətlə yanaşılmışdır. Nəticədə qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırmaqla qanun layihəsi ikinci oxunuşa hazırlanmış və müzakirənizə təqdim olunmuşdur. Həmin dəyişiklikləri sizin diqqətinizə çatdırmaq istərdim.
İlk öncə vurğulayım ki, qanun layihəsi ikinci oxunuşa hazırlanarkən bir sıra maddələrdə redaktə xarakterli düzəlişlər edilmiş, qanun layihəsinin dilinin sadələşdirilməsinə diqqət yetirilmişdir. Mühüm dəyişikliklərdən biri 5.1-ci maddənin yeni redaksiyada verilməsi ilə bağlıdır. Belə ki, birinci oxunuşa təqdim olunan variantda deyildiyi kimi, yüklülük sahibinin yüklülüyü üçüncü şəxsə açıqlaması yüklülüyün etibarlığına təsir göstərmir. Başqa sözlə, yüklülüyün üçüncü şəxslərə açıqlanması əvvəl könüllü xarakter daşıyırdı, indi isə bu müddəa daha da konkretləşdirilir və yeni redaksiyada verilir.
Təklif olunan redaksiyada deyilir ki, yüklülük sahibinin yüklülüyü bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə açıqlaması, xüsusi yüklülük növləri üçün könüllü, dövlət və bələdiyyə yüklülüyü növləri üçün isə məcburi xarakter daşıyır. Qeyd edim ki, dövlət və bələdiyyə yüklülüyü növləri qanun layihəsinin 4.2-ci maddəsində göstərilmişdir. Qanun layihəsinin 6.1-ci maddəsində eyni daşınar əmlak üzərində yüklülük sahiblərinin tələblərinin ödənilməsi növbəliyi müəyyən edilir. Bildiyimiz kimi, bu qanun layihəsinə əsasən hər bir daşınar əmlak bir neçə yüklülüyün predmeti ola bilər ki, burada da tələblərin ödənilməsi baxımından növbə ardıcıllığı müəyyən olunmuşdur. Məlumdur ki, depozitdə olan pul vəsaitləri də daşınar əmlak olaraq yüklülük predmeti ola bilər. Təklif olunur ki, hesabda olan pul vəsaitləri bu qanun layihəsi ilə müəyyən olunmuş ödəmə növbəliliyindən istisna edilsin və bu məqsədlə yeni 6.4-cü maddə əlavə edilsin. Həmin maddədə qeyd edilir ki, bu qanunun digər maddələrinin müddəalarından asılı olmayaraq hesabda olan pul vəsaitinə yüklülük sahiblərinin tələbləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 965-ci maddəsində müəyyən edilmiş növbəliklə ödənilir. Əlavə edim ki, Mülki Məcəllənin 965-ci maddəsi hesabdan pul vəsaitlərinin silinməsi ardıcıllığını müəyyən edir. “Yüklülük sahibinin yüklülük predmeti barədə hərəkətləri” adlanan 13-cü maddəyə yeni, 13.2-ci maddə təklif olunur. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, aşağıda növbəli yüklülük sahibinin təşəbbüsü ilə əmlaka tutma yönəldilmiş və əmlak satışa çıxarılmışdısa və bu prosesə daha üstün növbəli yüklülük sahibi qoşulursa, o halda satışı üstün növbəli yüklülük sahibi həyata keçirə bilər. Eyni zamanda, hər iki yüklülük sahibinin satış üçün çəkdiyi xərclər yüklülük predmetinin dəyərindən ödənilməlidir. Hesab edirik ki, bu əlavənin mühüm təcrübi əhəmiyyəti olacaqdır və gələcəkdə satışla bağlı yarana biləcək sualları aradan qaldıracaqdır. 15.5-ci maddəyə əsasən yüklülük predmetinin yüklülük sahibinə verilməsi barədə məhkəmə əmrinin 3 iş günü müddətinə icra edilməsi nəzərdə tutulur. Birinci oxunuşda isə bu bir iş günü təşkil edirdi. 16.1-ci maddədə xüsusi razılaşma əsasında “sata” sözü “istənilən üsulla sata” sözləri ilə əvəz olunub, bu da yüklülük sahibinin yüklülük predmetinin satma imkanlarını genişləndirir.
Mühüm dəyişikliklərdən biri də yüklülüyün reyestri ilə bağlıdır. Qanun layihəsindən göründüyü kimi, reyestr daşınar əmlaka yüklülük ilə bağlı bildirişlərin daxil edilməsi və bu bildirişlərin axtarılması üçün təşkil olunur və fasiləsiz fəaliyyət göstərir. Təklif olunur ki, dövlət orqanları və bələdiyyələrin qərarı əsasında təsdiq olunan yüklülüyə dair daha sadə qaydalar müəyyən edilsin. Bu ilk növbədə onunla əlaqədardır ki, həmin orqanların özlərində yüklülüyü göstərən elektron sistemlər mövcuddur. 21.1-ci maddədə reyestrə daxil edilən yüklülük haqqında bildirişdə göstərilən məlumatların dairəsi müəyyən edilir. Təklif olunur ki, yüklülük sahibi borclu və ya  yüklülük verən fiziki şəxs olduqda onun VÖEN ilə bağlı məlumatları da reyestrə daxil edilsin. Qanun layihəsinin birinci oxunuşa təqdim olunan variantında onun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minməsi nəzərdə tutulmuşdusa, hazırkı variantda 2017-ci il dekabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Hesab edirəm ki, bugünkü plenar iclasda səslənəcək təkliflər də nəzərə alınmaqla Daşınar əmlakın yüklülüyü haqqında qanun layihəsinin qəbulu ölkəmizdə bank-kredit sisteminin sağlamlaşdırılmasına, biznes mühitinin münbitləşdirilməsinə,  xüsusilə regionlarda kiçik və orta sahibkarlığın inkişafına, məhsuldarlığın artırılmasına, daşınar əmlakın iqtisadi fəallığının və dövriyyəsinin güclənməsinə böyük töhfə verəcəkdir. Çıxışımın sonunda hörmətli həmkarlarımı qanun layihəsini dəstəkləməyə və ona müsbət münasibət bildirməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Təqdimata görə çox sağ olun. Ağalar müəllim birinci oxunuş zamanı verilən təkliflərin hamısını səsləndirdi. Bütün təkliflər qəbul olunub. Mən hesab edirəm ki, qəbul edə bilərik. Amma ikinci oxunuş olduğu üçün, xahiş edirəm, bu qanun layihəsini əsas kimi qəbul edək. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.23 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bu qanun layihəsi 6 fəsil, 29 maddədən ibarətdir. Bunu fəsil-fəsil səsə qoymalıyıq. Vahid müəllimin nə isə sualı var. Buyurun.
V.Əhmədov. Bir məsələyə toxunmaq istəyirəm. Bu qanun layihəsi bizim komitədə ciddi müzakirə obyekti olub. Amma biz onu ikinci oxunuşa verəndə, dedik ki, yüklülüyün təsnifatını bizə təqdim etsinlər. Yəni yüklülük nə ola bilər? Hansı mallar və sair ola bilər? O təsnifat bizə təqdim olunmayıb. Xahiş edərdim ki, üçüncü oxunuş üçün o təsnifatı bizə təqdim etsinlər. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, birinci 3 fəslə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.24 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
4-cü, 5-ci, 6-cı fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.25 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, ikinci oxunuşda qanun layihəsinə bütövlükdə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.25 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Vahid müəllim, mən Sizin təklifinizi eşitdim. Təsnifatı yəqin ki, verərlər. Qanunda artıq dəyişikliklər edilib. Əgər etiraz etmirsinizsə, üçüncü oxunuşa çıxaraq. Təsnifatı verəcəklər. Xahiş edirəm, üçüncü oxunuşda qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.26 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bugünkü gündəliyin sonuncu məsələsi Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında qanun layihəsidir. Buyursun Əli Hüseynli.  
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar!  Hamınıza məlumdur ki, hüquqi dövlətlərdə, dünya parlamentarizmində  deputatların etik davranışını tənzimləyən normalar mövcuddur. Təcrübədə bu ya xüsusi bir qanundur,  ya da ki, parlamentin işini tənzimləyən digər sənəddə, Nizamnamədə öz əksini tapır. Hələ 2014-cü ildə Avropa Şurası Parlament Assambleyası Azərbaycan parlamentinə etik kodeksin qəbulu ilə bağlı tövsiyə vermişdi. O zaman biz  Siyavuş müəllimlə birlikdə  bir layihə hazırlayıb təqdim etmişdik. Amma 2016-cı il  sentyabrın 26-da keçirilmiş referendumda Milli Məclis deputatının mandatdan məhrum edilməsi ilə bağlı yeni əsasların, o cümlədən deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarının kobud surətdə pozulması müddəası parlamentin  bununla bağlı xüsusi bir qanun qəbul etməsini artıq zəruri etmişdir. Məhz Konstitusiyanın müvafiq normasına uyğun olaraq deputatların etik davranış qaydaları ilə bağlı qanun layihəsi hazırlanıb sizin diqqətinizə təqdim edilmişdir.
Hörmətli həmkarlar, artıq Azərbaycan qanunvericiliyində, milli qanunvericiliyimizdə hakimiyyətin digər qollarının – dövlət qulluqçularının, hakimlərin və bu yaxınlarda bələdiyyə üzvlərinin etik davranış  kodeksləri ilə bağlı sənədlər mövcuddur. Yəni bizim hüquq təcrübəmizdə bu cür sənədlər artıq mövcuddur. Təbii ki, deputatın etik davranış kodeksini hazırlayarkən biz dünya təcrübəsini, ilk növbədə Avropa Şurasına üzv olan ölkələrin parlamentlərinin  təcrübəsini öyrənmişik. Eyni zamanda, “mənəvi meyarlar”, “mədəni davranış”, “etik davranış” anlayışlarını artıq burada tətbiq etmişik. Amma bununla yanaşı,  deputatın statusuna uyğun olaraq onun cəmiyyətdə rolu, yeri, parlamentarizm ənənələrini rəhbər tutması ilə bağlı bir sıra  müddəaları daha lakonik təqdim etmişik. Qanun layihəsi gördüyünüz kimi, çox lakonikdir. Cəmi 13 maddədən ibarətdir. İlk 3 maddə ümumi normaları özündə əks etdirir. 4–12-ci maddələr söylədiyim kimi, etik davranışın təsir dairəsini müəyyənləşdirir. Nəhayət, sonuncu, 13-cü maddə etik davranış qaydalarına əməl olunması mexanizmini təmin edir. Təbii ki, burada yenilik ondan ibarətdir ki, Milli Məclisin  İntizam komissiyasının bir sıra hallarda səlahiyyətləri genişləndirilir.
Hörmətli həmkarlar, bizim qanunvericilikdə, xüsusilə də “Deputatın statusu haqqında” Qanunda və Milli Məclisin Nizamnaməsində deputatların etik davranışı ilə bağlı normalar indi də mövcuddur.  Təbii ki, etik davranış kodeksi hazırlanarkən, əslində, qanunvericiliyimizdə mövcud olan müddəalar  bir yerdə etik davranış kodeksində təqdim olunmuşdu.  Yəni mahiyyət baxımından bu kodeksdə davranışla bağlı hansısa yeni, xüsusi normalar yazılmamışdı. Eyni zamanda, “Korrupsiyaya  qarşı mübarizə haqqında” Qanun da  bütün vəzifəli şəxslərin, o cümlədən millət vəkillərinin fəaliyyəti ilə bağlı bir sıra normaları özündə əks etdirir. Bu layihə bütün komitələrə  təqdim olunmuşdur. Mən fürsətdən istifadə edib  artıq bizə çox əhəmiyyətli rəy və təkliflərini təqdim etmiş komitə sədrlərinə təşəkkür edirəm. Əminik ki, digər komitələr də müəyyən bir müddət çərçivəsində rəy və təkliflərini verəcəklər. Biz, eyni zamanda, İntizam komissiyası ilə də onun fəaliyyəti və səlahiyyətləri ilə bağlı xüsusi bir görüş keçirmişik.
Qeyd etmək istəyirəm ki, bu gün bizim müzakirə etdiyimiz etik kodeks təbii ki, birinci oxunuşdur və biz komitə olaraq millət vəkillərinin həm mətbuatda, həm də birgə komitələrdə çıxışları ilə tanışıq. Fərqli münasibətlərə baxmayaraq, hesab edirəm ki, etik davranış qaydalarının qəbulu və zəruriyyəti ilə bağlı ümumi bir fikrimiz olmalıdır. Birincisi ona görə ki, bu artıq Konstitusiyada öz əksini tapmışdır və ikincisi ona görə ki, hakimiyyətin hər bir qolunun, o cümlədən qanunvericilik hakimiyyətinin də  daxili iş qaydasını Milli Məclis özü müəyyən edir. Bunlardan biri də etik davranış qaydalarının tətbiqidir. Qeyd etməliyəm ki, biz komitə olaraq həm burada səslənəcək fikirləri, həm də gələcəkdə hər bir komitə və millət vəkilinin rəy və təkliflərini müzakirə etmək üçün tam açığıq. Hesab edirəm ki, ikinci oxunuş üçün bu gün sizlərdən bir çox səmərəli təklifləri dinləyə biləcəyik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Birinci oxunuşdur. Konseptual yanaşma xahiş edirəm. Buyursun Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, burada hörmətli, dəyərli Əli müəllim çıxışına beynəlxalq təcrübəni misal göstərməklə başladı. Gerçəkdən də, belə təcrübə var, geniş yayılıb. Mən bu layihənin ayrı-ayrı müddəaları üzərində dayanmaq istəmirəm. Bu layihədən sonra biz Daxili Nizamnamədə deputat mandatının itirilməsi ilə bağlı proseduru o cür müəyyənləşdirməməliyik. Obrazlı ifadə edəcəyəm, yəni bu, layihəyə münasibətim deyil. Elə bilin ki, cəzalandırılmağa göndərilməzdən əvvəl adama  Bibliyadan dini xütbələr səsləndirilir, sonra onu cəza gözləyir. Əgər, doğrudan da, parlament üzvü mandatını elə bu parlamentdə itirəcəksə, bu o deməkdir ki, biz məhkəmə səlahiyyətlərini mənimsəyirik. Bu o deməkdir ki, İntizam komissiyasına yuxarı palatanın səlahiyyətlərini veririk. Halbuki bizdə ikipalatalı parlament modeli yoxdur. Dünya təcrübəsi belədir – cəzanın sərtləşdirilməsi cinayətin qarşısını almır. Bu, sübut olunmuş bir məsələdir.
Başqa bir məsələ. Konstitusiya üzrə artıq deyildiyi kimi,  sentyabrın 26-da cinayətlərdən sonra həm də davranışa görə cəzalandırma  müəyyənləşdirildi. Əgər onu, doğrudan da, hüquqi aktda nəzərə almaq istəyiriksə, bunun çox sadə həlli yolunu tapmaq mümkündür. Biz məhkəmənin qərarı ilə səlahiyyətlərimizə başlayırıq, məhkəmənin qərarı ilə də kimsə bu səlahiyyətlərini itirməlidir. Yəni burada  başqa bir forma müəyyənləşdirilsə, bu, parlamentin azadlığına, səlahiyyətlərinə və statusuna mənfi təsir edəcək. Mən, əlbəttə, onu qəbul edirəm ki, bu parlamentin rəhbəri, sədarət, habelə hər bir parlament üzvü bu Məclisin daha səlahiyyətli olmasında, onun dövlət quruculuğu prosesində daha fəal iştirakında və nüfuzunda maraqlıdır. Amma əgər biz, gerçəkdən də, dediyimizin nəticəsi olaraq sonrakı dövrdə Daxili Nizamnamədə belə dəyişiklik edəcəyiksə, bu, parlamentin nüfuzuna da təsir edəcək.
Mənim aləmimdə bu bir az nəzəri səslənə bilər. Parlamentin nüfuzuna zərbə dəyirsə, bu, dövlətin ümumi adınadır. Düşünməyin ki, parlament nüfuzsuz, amma dövlət  güclü ola bilər. Bu parlament hakim partiya elitasının daha çox nümayəndələrinin təmsil olunduğu bir qurumdur. Beynəlxalq təcrübədə, məsələn, Gürcüstanda, ümumiyyətlə, region ölkələrinin heç birində bu akt yoxdur. Gürcüstanda 10 gün bundan əvvəl kimsə qələmlə başqasının  başını  yaralamışdı. Parlamentdə kimsə onu tərbiyəsizlikdə qınamamışdı.  Dövlət quruculuğunda da Gürcüstan parlamenti öz yerini qoruyub saxlayır. Yeri gəlmişkən, onlarla Avropa ölkəsini misal deyərəm ki, orada deputat etikası ilə bağlı qanun yoxdur. Lakin o ölkələr bütün başqa azadlıqlar üzrə ön yerdədirlər. Məsələn, Danimarka korrupsiyadan azad olma indeksinə görə sıfırdır, yəni dünyada birinci yerdədir. İndoneziya qanunu var,  belə sayılır ki, etikalı parlament olmalıdır, deputat etikası yüksək olan bir ölkə olmalıdır, amma 88-ci yerdədir.
Mən burada başqa bir məsələni qeyd etmək istəyirəm. Əlbəttə ki, mən onun fərqindəyəm ki, biz ulu öndər Heydər Əliyevin səlahiyyətlərinin bu parlamentdən başlanmasını nəzərə  alırıq. Ən ağır bir dönəmdə ulu öndər Heydər Əliyev parlament sədri oldu. Ancaq ölkədə maraqların  toqquşduğu bir zamanda, hərbi-siyasi qüvvələrin tüğyan etdiyi bir dövrdə də başqa cür qərarlar verilmədi. Ona görə də mənim aləmimdə, əslində, etika təkcə davranış hadisəsi deyil, təkcə mənəvi dəyərlər toplusu deyil, xalqa ləyaqətlə xidmət etməkdir, dövlət quruculuğunda iştirak etməkdir, mikrofonu boş qoymamaqdır, xalqın qabağına getməkdir və sair. Ona görə də əgər biz gələcəkdə dediyim sərt müddəanı qəbul etsək, sanki deputat immuniteti ilə bağlı Konstitusiyanın 90 və 91-ci maddələrini  ötürmüş oluruq. Ona görə də mən bir daha çağırış edirəm.
Əli müəllim, dediyimiz kimi, nəinki parlamentin, bu dövlətin və millətin dəyərli insanlarından biridir. Cənab Sədr, mən Sizdən də xüsusi olaraq xahiş edirəm, bu məsələyə həssas yanaşmağımız, sadəcə, ondan irəli gəlir ki, biz bundan sonrakı dövrdə də xalqın nəzərində  öz funksiyasını, səlahiyyətlərini düzgün şəkildə yerinə yetirən, amma bununla bərabər, deyilən kimi, etik davranışların yüksək obrazına sahib olan bir qurumun təmsilçiləri kimi qalmaq istəyirik. Ona görə də parlament üzvünün etikasına görə cəza modelini zavod işçisinin, yaxud hansısa bir fabrik işçisinin etik davranışına münasibətlə eyniləşdirmək olmaz. Bu, parlamentdə qorxaqlıq yaradacaq, özünüsenzuraya gətirib çıxaracaq.
Sədrlik edən. Heç qorxağa oxşamırsan, danışırsan, mən də sənə  qulaq asıram. Bu birinci  məsələ. İkinci, parlamentin nüfuzundan danışırsan. Parlament öz nüfuzunu saxlamaq üçün özü qərar verir, Konstitusiya Məhkəməsi təsdiq edir, biz də Konstitusiya Məhkəməsini təsdiq edirik. Bu məsələyə yəqin, Əli müəllim cavab verəcək. Tahir Kərimli buyursun.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli  deputatlar!  Əli müəllimin məruzəsi ilə tam razıyam. Doğrudan da, əgər Konstitusiyaya belə bir norma salınıbsa, başqa bir əlac yoxdur. Konstitusiyanın 89-cu maddəsi bunu nəzərdə tutursa, artıq etik məsələ mənəvidən çıxıb hüquqi meyar olur. Ona görə də görünür, etika haqqında qanuna ehtiyac var. Əlbəttə, bu başqa bir məsələdir. Mən bu yaxınlarda baxdım, polis, prokurorluq, hakim, notariat, dövlət qulluğu və sair haqqında çoxlu etik kodekslər, qanunlar var. Demək olar ki, 80 faizi eynidir. Əlbəttə, keçən dəfə də dediyim kimi, bələdiyyə üzvlərinin etik kodeksi müzakirə olunan zaman bəlkə də bunların hamısını birləşdirib bir ümummilli kodeks halına salmaq olardı. Amma təəssüf ki, müəyyən cəza fərqləri olduğuna görə, görünür, bu, mümkün deyil. Bu məsələyə komitə tərəfindən baxılıb. Deyərdim ki, Əli müəllim, Vüsal müəllim və digərləri bu qanun layihəsini gücləri çatan qədər lakonik qaydada işləyiblər. Hətta bəzi müddəalar,  dövlət qulluğunda olan çox səhv ifadələr var ki, orada öz əksini tapmayıb. Bununla bağlı çoxlu işlər görülüb.
Mən çıxış etmək  istəmirdim, ancaq bir məsələ məni narahat edir. Açığını deyək ki, Azərbaycan dövləti dünyada yeganə dövlət olacaq ki, qeyri-etik davranışa görə deputatı ali qanunvericilik orqanının mandatından məhrum edəcək. Bu, təbii ki, məndə müəyyən narahatlıq doğurur. Bizim Daxili Nizamnaməmizin 46-cı maddəsinə dəyişiklik olanda bu məsələlər müzakirə olunacaqdır. Onda da ehtiyac olarsa, sözümüzü deyərik. Narahatçılığımız var, amma bir az konkret maddələr üzrə  öz təkliflərimi vermək istəyirəm. 5.1-ci maddədə yazılır: “deputat vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır”. 5.2-ci maddə də 5.1-ci maddəyə istinad edir, yəni bunun  etikaya məncə, dəxli yoxdur. Yəni sahibkarlıq fəaliyyəti ilə,  kommersiya ilə məşğul olmağa görə mandatdan məhrum etmək  həm də  Mərkəzi Seçki Komissiyasının səlahiyyətinə aiddir. Biz nəzərdə tutacağıq ki, bu, İntizam komissiyasına, Milli Məclisə aiddir. Ancaq bu norma Milli Məclisə aid deyil. Ona görə də bütövlükdə 5-ci maddənin çıxarılmasını təklif edirəm. Çünki, doğrudan da, heç bir aidiyyəti yoxdur. Əvəzində misal üçün, belə  yazmaq olar: “deputat lobbiçiliklə məşğul olmamalı, fəaliyyəti zamanı qohumlarına, yaxın şəxslərə himayədarlıq etməməli, rəsmi nümayəndə heyətinin tərkibində və beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasının ali qanunvericilik orqanını təmsil etdiyini unutmamalıdır”. Etikaya aid olmayan müddəa çıxarılıb  etikaya aid olan bu müddəa salınsa, daha yaxşı olar.
6-cı maddənin sonunda deputatların Milli Məclisin iclaslarındakı davranışından yazılıb. Mən komitədə də təklif etdim, buraya təkcə Milli Məclisin  iclasları deyil, komitə iclasları da  əlavə olunmalıdır. Digər narahatçılığım Konstitusiyanın 91-ci maddəsi ilə bağlıdır. 91-ci maddədə göstərilib ki, Azərbaycan Respublikasının Milli Məclisindəki fəaliyyətinə, səsverməyə, söylədiyi fikirlərə görə deputat məsuliyyətə cəlb oluna bilməz. Bilmirəm bu necə olacaq? Yəqin ki, bu məsələ üzərində də  işləyərik.
Məni daha çox narahat edən 13.2.5-ci maddədir. Yəni etik davranış qaydalarını pozmuş deputatlar barəsində intizam tədbirinin görülməsi barədə qərar  qəbul edilməlidir. Mən komitədə də dedim, yəqin, bu səhv düşüb. Yəni prinsipcə qərara gəldik ki, Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 41-ci maddəsinə əsasən İntizam komissiyası ancaq rəy verə bilər, yəni qərar verə bilməz. Bu qərar rəylə əvəz olunmalıdır. Habelə İntizam komissiyasına məhrumetmə qərarı vermək üçün səlahiyyət verilməsini də düzgün hesab etmirəm. O cümlədən həmin maddədə tədbirlər nəzərdə tutulur. Bu da dediyim kimi, Daxili Nizamnamənin 46-cı maddəsində  sıralanır. Sonuncu sözümü də demək istəyirəm ki, hər bir deputat kimi biz də bilmək istəyirik ki, hansı bir əmələ görə mandatdan məhrum edilə bilərik? Yaxud kobud pozuntu nə deməkdir? Orada var ki, 3 dəfədən artıq olanda və sair. Ona görə də  irəlicədən deputatın haqqı var bilsin ki, hansı etik qaydanı pozanda o mandatdan məhrum edilə bilər və bu da qanunda öz əksini tapmalıdır. Təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Fərəc Quliyev.
F.Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlarımın dediyi fikirlərlə tamamilə razıyam. Ümumiyyətlə, etik qaydalara əməl edib-etməmək məsələsinin parlamentdə qanunla tənzimlənməsi  mənə qəribə gəlir. Burada oturan insanlar hamısı seçilmiş insanlardırlar. Bəzi bəndlərdə  deputatları küçümsəyən  hallar ifadə olunur. Bu halları, məncə, dəyişdirmək, başqa formada ifadə etmək  mümkündür. Məsələn, 10-cu maddədə  “deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan” ifadəsi var. “Təəssürat yaradan” olduqca ümumi bir məsələdir. Yaxud sonrakı  cümlə: “Bu  qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərtilə qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş  məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir”. Bunlar, məncə, deputatı bir az kiçildən, parlamentə xələl gətirən məsələlərdir. Yaxud da 10.2-ci maddə: “Deputat hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona uyğun davranmalıdır”. Bu məsələlər anlaşılmır.  Elə bil islah olunmayan bir residivistdən söhbət gedir və bu qədər kiçik detallarla parlamentə təsir  edir. Parlament özü bütün ölkədə qayda-qanunların həyata keçirilməsinə nəzarət edən bir yerdir və burada özünə hörmət edən, dövlət tərəfindən, millət tərəfindən qiymətləndirilən insanlar işləyirlər. Ona görə bu cür küçümsəmə hallarının olması, məncə, doğru deyildir.
Yaxud da 11-ci maddədə belə bir ifadə var: “Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir”. Bunu belə göstərmək olar: “deputat səlahiyyət müddətində qanunsuz olaraq öz  vəzifə səlahiyyətindən şəxsi maraqları üçün istifadə etməməlidir”. Amma  “deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməlidir” ifadəsi doğru deyil. Bura maraqlar toqquşması olan yerdir. Burada müxtəlif fikirlər, mübahisələr olur və sonda qərar qəbul edilir. Hər kəs bu qərara hörmət edir. Bu fikrin özü də, məncə, yerində olan bir fikir deyil. Yaxud da deputatın xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcək hallarda həmin maraqla bağlı İntizam komissiyasına müraciət edilir. İntizam komissiyasında olanlar da deputatlardır. Bizim hamımızın səlahiyyətləri eynidir. Eyni zamanda, sədarət ilə də səlahiyyətlərimiz eynidir. Amma hərənin bir funksiyası var,  aparıcılıq məsələsi də var. Biz bu komissiyaya Konstitusiya Məhkəməsinin hüquqları kimi hüquqlar veririk. Məncə, bu məsələlərdə bir az dili  dəyişmək,  bəzi maddələrə baxmaq lazımdır. Onsuz da  müəyyən bəndlər ilə kiminsə davranışına, tərbiyəsinə təsir eləmək  mümkün deyil. Ona görə, mən hesab edirəm, mənim və həmkarlarımın toxunduqları məsələlərə imkan varsa, yenidən baxılmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, bu qanun layihəsi ilə bağlı bir neçə komitə ilə birlikdə keçirdiyimiz iclaslarda çox maraqlı müzakirələrimiz və mübahisələrimiz olub və orada konstruktiv fikirlər səslənib. Əli müəllimin də dəlilləri kifayət qədər maraqlı idi. Hər halda bizim tərəfimizdən və başqa millət vəkilləri tərəfindən irəli sürülən dəlillər də var idi. Mübahisənin əsas məğzi, yəni bizim qarşımızı kəsən məsələ daha çox ondan ibarət idi ki, bu, Konstitusiyada nəzərdə tutulub. Ona görə də qəbul olunmalıdır. Əslində, bunun Konstitusiyada nəzərdə tutulmasına, – mən köhnə protokola da diqqət yetirdim, – o vaxt biz etiraz etmişdik.  O vaxt da fikrimizi bildirmişdik ki, bunun buraya salınması doğru deyil. Amma  indi bu qəbul olundu. Çünki etik davranış  qaydalarını pozmağa görə müəssisədə, fabrikdə, zavodda, yaxud da  işçi və iş verən arasında münasibətlərin olduğu yerdə belə bir qaydanı tətbiq eləmək mümkündür.
Sizə bir sual verirəm, Mərkəzi Seçki Komissiyası hansı qüvvələrdən formalaşdırılır? Çoxluqda olan partiya, bitərəflər, azlıqda olan partiya. Niyə parlament elə formalaşdırmır? Parlament ona görə formalaşdırmır ki, parlament spesifik institutdur. Bura maraqların toqquşduğu bir yerdir. Bura ayrı-ayrı siyasi qüvvələrin təmsil olunduğu, fikir plüralizminin və müxtəlif fikirlərin olduğu bir yerdir, spesifik bir məkandır. Buna işəgötürənlə işçi münasibətləri səviyyəsində qaydaların pozulması kimi baxıla bilməz. Ona görə də əgər Konstitusiyada varsa, heç olmasa, bu qanunu qəbul ediriksə, bunu parlamentin spesifikliyini nəzərə alaraq etməliyik. Burada səlahiyyətləri İntizam komissiyasına veririksə,  ixtisaslaşmış bir intizam komissiyası formalaşmalıdır, ekspertlər olmalıdır, çünki İntizam komissiyası onda gərək hüquqşünaslardan təşkil oluna, yaxud da  ixtisaslı ekspert ola, dəqiq rəy verə ki, bu, doğrudan, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdır və ya ona aid deyil. Müxtəlif problemlər çıxacaq və İntizam komissiyasının bugünkü  formatda bunu həll etməsi, buna rəy verməsi ümumiyyətlə mümkün deyil.
Digər tərəfdən, biz bu parlamentdə  Prezidentin şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı müddəalar qəbul edəndə orada bir cümlə yazdıq ki, bu müddəalar Prezidentin fəaliyyəti ilə bağlı edilən tənqidlərə aid deyil. Bu parlamentdə istənilən məsələ ilə bağlı tənqidi çıxışlar ola bilər. Burada biz mütləq qeyd eləməliyik ki, bu, tənqidə aid olan məsələ deyil. Deyək ki, hansısa müxtəlif ittihamlar səslənə bilər. Siyasi maraqlar baxımından müəyyən fikirlər səslənə bilər. Məsələn, kim isə deyə bilər ki, hökumətin  fəaliyyəti çox yarıtmazdır. “Yarıtmaz” sözü kobud sözdür, indi buna görə İntizam komissiyası rəy verməlidir ki, hansısa deputat mandatından  məhrum olunsun. Kənarda “yarıtmaz” sözü yaxşı söz deyil, tutaq ki, kobud ifadədir. Məsələyə bu cür yanaşma  o qədər  xırda problemlərin yaranmasına gətirib çıxara bilər ki,  bunun altından qalxa bilmərik. Ona görə mən də məhkəmə qurumlarının buraya qatılmasının tərəfdarı deyiləm. Amma bu funksiyanı yerinə yetirən spesifik bir məhkəmə qurumu, Konstitusiya Məhkəməsi var. Heç olmasa, burada ayrıca bir maddə ilə qeyd olunmalıdır ki, deputatın mandatdan məhrum edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ birbaşa bununla bağlıdır. Vətəndaş kimi deyil, deputat kimi müraciət etmə hüququ tanınmalıdır ki, gələcəkdə o, hər hansı bir şəkildə təsadüfi qərarların qurbanına çevrilməsin və parlamentin də nüfuzuna ciddi təsir göstərə bilsin. Ona görə də biz Mərkəzi Seçki Komissiyasını hansı prinsip əsasında formalaşdırırıqsa, ən azı parlamentə də o prinsipdən yanaşmalıyıq.
Mən keçən dəfə də qeyd elədim, Yeni Azərbaycan Partiyası çoxluqdadır. Partiya bu məsələ ilə bağlı kiminsə barəsində hansısa formada qərar qəbul edə bilər. Bu, sabah, təbii ki, partiya marağından doğan bir  qərar olacaq. Amma azlıqda olan qüvvələr haqqında ədalətsiz qərar  çıxarıla bilər. Yəni bu məsələlərin üzərində, məncə, düşünmək lazımdır. Mən konseptual olaraq maddələrə girmədim. Burada, iclasda kiminsə sözünü kəsmək, filan, bunlar hamısı etik qaydalara nə dərəcədə uyğundur, bilmirəm. 
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də bu qanun layihəsinə səs verəcəyəm, həmkarlarım da müəyyən məsələlərə toxundular. Ziyafət müəllim, Sizdən xahiş edirəm, nəzərə alasınız ki, 5 il mən parlamentin İntizam komissiyasının sədri olmuşam. Ola bilər, bir-iki dəqiqə əlavə vaxtdan istifadə eləyim, yəni bunu nəzərə alın. Burada çıxış eləyən həmkarlarımın hər biri nəzəri cəhətdən bunu əsaslandırmağa çalışdı. Mən isə bunu təcrübi cəhətdən əsaslandırmağa çalışacağam. 5 il müddətində İntizam komissiyasında biz cəmi iki parlamentdaxili məsələyə  baxmışıq. Amma parlamentdənkənar İntizam komissiyasına daxil olan məktubların sayı, deyim ki, 3 mini keçmişdi.  Yəni etik qaydalara zidd hərəkətlərlə bağlı vətəndaşların müraciətləri. Burada söhbət nədən gedir? Söhbət şəffaflıqdan gedir. Hər bir deputat parlamentin adına xələl gətirməməli və parlamentə nümunə olmalıdır. Hər bir vətəndaş deputata nümunə kimi baxmalı və ondan istiqamət götürməlidir. Əgər biz öz davranışımıza nəzarət eləyə bilmiriksə və bundan qorxuruqsa ki sabah başımıza bir hadisə gələr, onda niyə istəyirik bu belə olmasın, elə olsun. Ən yaxşısı, insan özünü düz aparsın, heç bir etikadankənar əmələ yol verməsin. Bu zaman onun haqqında hansı qərar qəbul olunacaq ki? O cümlədən, Cinayət Məcəlləsi niyə mövcuddur? O, insanların hüquqlarını məhdudlaşdırır. Cinayət Məcəlləsi ona görə mövcuddur ki, sən bu cinayəti törətməyəsən. Törətdinsə, artıq məcəllə işə düşür. Əgər deputat hər hansı bir etik davranış normasını pozmursa, ona bu maddə niyə tətbiq olunmalıdır?
Burada 91-ci maddə misal göstərildi. 91-ci maddə parlamentin daxilinə aid olan məsələdir. Yəni burada hər hansı bir çıxışla,  yaxud hər hansı bir fikirlə əlaqədar şəxslərə  məsuliyyət tətbiq oluna bilməz. Aydın məsələdir. Həmçinin qeyd eləyək ki, referendum yolu ilə Konstitusiyada dəyişiklik edilməsi ilə əlaqədar  bu məsələ artıq konstitusion qüvvəsini tapıbdır. Hesab edirəm ki, biz başqa sahələrdə etik davranış qaydaları haqqında qanun qəbul ediriksə, hakimləri biz təyin ediriksə, Mərkəzi Seçki Komissiyasının üzvlərini biz təyin ediriksə, yəni onlara səs veririksə, onların hər birinin etik davranışına biz nəzarət ediriksə, özümüzün də  etik davranışımıza nəzarət etsək, burada hər hansı bir problem yaranmaz.
Digər bir tərəfdən qeyd etmək istəyirəm ki, bunu, doğrudan da, parlamentin səlahiyyətlərinin azaldılması kimi qələmə verməyə çalışırlar. Mətbuatda da bu haqda fikirlər söyləndi və sair.  Mən hesab edirəm ki, bu belə deyil. Əksinə, bu məsələ parlamentin şəffaflığını  ortaya qoyur.  Hər bir şəxs hesab edir ki, onun mandatından məhrum olunması ilə əlaqədar qərarı parlament qəbul edəcək. Qoy o, həmkarları arasında çıxış eləsin, öz mövqeyini müdafiə eləsin və haqlı olduğunu təsdiq eləsin. Əgər bu haqlı olduğunu təsdiq eləyə bilmirsə,  hər hansı etik davranış qaydaları pozulursa və onun hərəkətlərinə görə digər həmkarlarına da irad gəlirsə, biz artıq  hansı formada  bundan danışa bilərik.
Düzdür, mən hesab edirəm ki, orada səsvermənin nəticəsini üçdə iki eləmək olar. Yəni bu ikinci oxunuşda biz bunu qeyd eləyəcəyik. Əlli üstəgəl bir deyil, üçdə iki olsa, daha məqsədəuyğundur ki, geniş imkanlar yaransın və Fazil müəllimin dediyi məsələ də qalsın, tutalım, çoxluqda olan partiya burada səsvermə ilə kimisə hüquqlarından məhrum etməsin. Əgər üçdə iki olsa, burada bitərəflərin də, digər partiya üzvlərinin də kifayət qədər rolu və iştirakı olacaq. Biz öz həmkarlarmız qarşısında da cavabdehlik daşıyırıq. Onlar qərar verirlər. Əgər onlar hesab etsələr ki, biz bu və ya digər şəkildə etik davranış qayalarını pozmuşuq, bu qərarı qəbul edəcəklər. 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Oqtay müəllim, mən Ziyafət müəllimdən xahiş eləmişdim, bir dəqiqə əlavə vaxt versin.
Sədrlik edən. Bir dəqiqə əlavə vaxt verilsin.
S.Novruzov. Bir çox xarici ölkələrin  təcrübəsi  öyrənilmişdir. Vaxtilə biz 5 il  bu qanunun üzərində işləmişik. İndi orada xırda detallar var ki, bu detalları çıxartmaq da olar, dəyişmək də. Məsələn, Amerika Birləşmiş Ştatlarının Konqresində belədir ki, əgər 300 dollar civarında  hədiyyə daxil olursa, o, hədiyyəni evinə apara bilər. Hədiyyənin qiyməti 300 dollardan yuxarıdırsa, hədiyyə  orada qalmalıdır və o, artıq parlamentin mülkiyyəti hesab olunur. Bizdə indi bunu 50 manat civarında müəyyən etdilər. Təbii ki, mən hesab edirəm, bu o qədər uyğun deyil. Burada bu məbləğ məsələsinə baxıla bilər. Yaxud orada digər xırda detallar var. Mən hesab edirəm ki, onlarla bağlı qərarlar olmalıdır.
Burada Konstitusiya Məhkəməsinə istinad olundu. Konstitusiya Məhkəməsi hər bir deputatı təsdiq etmir. Konstitusiya Məhkəməsi prosesi və seçkinin nəticəsini təsdiq edir ki, seçki qanunauyğun keçirilibdir, ya keçirilməyibdir. Orada Həsən seçilib, ya Hüseyn seçilib, bunun Konstitusiya Məhkəməsinə aidiyyəti yoxdur. O, ancaq prosesi təsdiq edir və o proseslə əlaqədar özünün rəyini verir. Ona görə də biz bunu bu cür qiymətləndirə bilmərik. Mən hesab edirəm ki, layihə birinci oxunuş üçün hərtərəfli işlənilib. Konseptual baxımdan vacibdir, zəruridir. Səs verək, qəbul edək. İkinci oxunuşda isə hər məsələ ilə bağlı hər kəs yazılı və şifahi qaydada öz münasibətini bildirsin. Həm qanunu daha da təkmil edək, həm də kimin nə arzu, istəyi varsa, orada öz əksini tapsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. 10 nəfər millət vəkili də yazılıb. Təkid eləyən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də hesab edirəm ki, bu qanun layihəsi ilə hələ işləmək lazımdır. Burada bəzi məqamlar var, onlar yumşaldılmalı, dəyişilməlidir. Mən bilirəm ki, Əli müəllim bütün komitələrə müraciət edib, bütün deputatlar da buradadırlar. Nə təklifləriniz varsa, verin. Axırda bütün komitə  iclaslarında bir daha baxılsın və hazır vəziyyətdə ikinci oxunuşa çıxarılsın. Kim bu qanun layihəsinin konseptual baxımdan qəbul olunmasına tərəfdardır, xahiş edirəm, münasibət bildirsin.

Səsvermənin nəticələri (saat 14.59 dəq.)
Lehinə 82
Əleyhinə 2
Bitərəf 3
Səs vermədi 2
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Amma görürəm ki, millət vəkilləri bir dəqiqə də artıq işləmək istəmirlər. Sağ olun.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi