2006-ci il 1 mart tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
III  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  7

Milli  Məclisin  iclas  salonu.
1  mart  2006-cı  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 97 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

N. Rzayev, “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti.
F. Məmmədov, “Azərsu” Səhmdar Cəmiyyətinin vitse-prezidenti.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyalarının tərkibində dəyişikliklər haqqında.
4. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər haqqında.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2006-cı il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.
6. Azərbaycan Respublikası və Asiya İnkişaf Bankı arasında Şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə Kredit haqqında Sazişin (Xüsusi Əməliyyatlar) təsdiq edilməsi barədə.
7. Azərbaycan Respublikası və Asiya İnkişaf Bankı arasında Şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə Kredit haqqında Sazişin (Adi Əməliyyatlar) təsdiq edilməsi barədə.
8. Şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə Asiya İnkişaf Bankı və “Azərsu” Səhmdar Cəmiyyəti arasında Layihə haqqında Sazişin təsdiq edilməsi barədə.
9. Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında.
10. “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və həmin Konvensiyanın Protokolunun təsdiq edilməsi barədə.
11. “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə.
12. “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
13. “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə.
14. “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və həmin Konvensiyanın Protokolunun təsdiq edilməsi barədə.
15. “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında” Memorandumun təsdiq edilməsi barədə.
16. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə.
17. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə.
18. “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında.
19. “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə.
20. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında.
21. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında.
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə.
23. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə.
24. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavə edilməsi barədə.
26. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqında.
27. “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Respublikada pul dövriyyəsini sabitləşdirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 28 mart tarixli 1004 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə.
28. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə.
29. Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
2. “Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
3. “Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyalarının tərkibində dəyişikliklər haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
4. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
5. “Azərbaycan Respublikası Milli Məclisinin 2006-cı il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
6. “Azərbaycan Respublikası və Asiya İnkişaf Bankı arasında Şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə Kredit haqqında Sazişin (Xüsusi Əməliyyatlar) təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikası və Asiya İnkişaf Bankı arasında Şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə Kredit haqqında Sazişin (Adi Əməliyyatlar) təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə Asiya İnkişaf Bankı və “Azərsu” Səhmdar Cəmiyyəti arasında Layihə haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
10. “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və həmin Konvensiyanın Protokolunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
13. “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
14. “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və həmin Konvensiyanın Protokolunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
15. “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                  O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

1 mart 2006-cı il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Hörmətli deputatlar!
Milli Məclisin 2006-cı il yaz sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Hörmətli deputatlar, yaz sessiyasının başlanması münasibətilə sizi ürəkdən təbrik edirəm, gələcək qanunvericilik fəaliyyətimizdə hamınıza uğurlar arzulayıram!
Bildiyiniz kimi, üçüncü çağırış Milli Məclis ilk sessiyalarını uğurla başa vurmuşdur. 2005-ci ilin payız sessiyasında və bu il fevralın 7-də keçirdiyimiz növbədənkənar sessiyada 55 qanun və qərar qəbul edilmişdir. Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini yerinə yetirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti fəal surətdə dəstəkləmişdir. Ölkəmizdə aparılan siyasi, hüquqi, iqtisadi və sosial islahatların, demokratikləşdirmə prosesinin qanunvericilik bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir.
Sessiyalararası dövrdə parlamentin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi sahəsində mühüm işlər görülmüşdür. Milli Məclis Sədrinin başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin Sədri Bülent Arıncın dəvəti ilə qardaş ölkədə rəsmi səfərdə olmuşdur. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, son illərdə Azərbaycanla Türkiyə arasında əlaqələr bütün sahələrdə sürətli inkişaf yolu keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Türkiyə ilə münasibətlərin inkişafına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusi əhəmiyyət verir.
Qardaş ölkələrimizin münasibətlərinin inkişafında Türkiyə Böyük Millət Məclisi ilə Azərbaycan Milli Məclisi arasında əlaqələr önəmli rol oynayır. İki parlamentin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri müntəzəm xarakter almışdır.
Milli Məclisin nümayəndə heyətinin səfəri zamanı mü-hüm danışıqlar aparılmış, bir çox məsələlər, o cümlədən par-lamentlərarası əlaqələrin gələcək inkişaf yolları müzakirə edilmişdir. Nümayəndə heyətimiz Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezər, parlamentin Sədri Bülent Arınc, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Baş nazirin müavi-ni və xarici işlər naziri Abdullah Gül, parlamentin Xarici işlər komissiyasının sədri Mehmet Dülgər, Türkiyə-Azər-baycan dostluq qrupunun sədri Haluk İpək, İstanbul şəhə-rinin valisi Muammer Gülər və digər rəsmi şəxslərlə görüş-lər keçirmişdir.
Sessiyalararası dövrdə parlamentimizin deputatları Fran-sada, Avstriyada, Türkiyədə, Rusiya Federasiyasında, Ukraynada, Gürcüstanda, Qazaxıstanda səfərlərdə olmuşlar.
Milli Məclisin nümayəndə heyətləri üzv olduğumuz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər. Bu ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçirilmişdir. Sessiyada Azərbaycan parlamentinin təşkilatdakı nümayəndə heyətinin yeni tərkibinin mandatları təsdiq edilmişdir. Nümayəndə heyətimizin üzvləri Avropa Şurasının Nazirlər Komitəsinə yazılı sual ünvanlamışlar. Həmin sənəddə Avropa Şurasının təməl prinsiplərini və əsas meyarlarını müntəzəm surətdə pozan, AŞPA tərəfindən rəsmən təcavüzkar kimi təsbit olunmuş, ölkə daxilində demokratik dəyərlərin inkişafına ciddi maneə yaratmış Ermənistan Respublikasının hərəkətlərinin bu təşkilatda üzvlüklə bir araya sığmaması haqqında məsələ qaldırılmışdır.
Milli Məclisin nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının bu günlərdə Vyanada keçirilmiş qış sessiyasında iştirak etmişdir. Sessiyada təhlükəsizlik, ətraf mühitin qorunması, demokratiyanın inkişafı, insan hüquqları, gender və başqa məsələlər müzakirə olunmuşdur.
Hörmətli deputatlar!
Sessiyalararası dövrdə bir sıra xarici ölkə parlamentlərinin, beynəlxalq təşkilatların nümayəndələri Milli Məclisdə olmuşlar. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Covanni di Stazi, Avropa Komissiyasının üzvü, Avropa Komissiyasının Xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə komissarı xanım Benita Ferrero Valdner, Avropa Komissiyasının Azərbaycan üzrə xüsusi elçisi Alan Vaddams, Macarıstan Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə dövlət katibi A.Barşoni, Gürcüstanın dövlət naziri Georgi Xaindrava, Gürcüstan parlamenti Sədrinin müavini Cemal İnaişvili və digər şəxslər ilə Milli Məclisdə görüşlər keçirilmiş, səmərəli fikir mübadiləsi aparılmışdır.
Bu günlərdə Milli Məclisdə Avropa Parlamentinin Avropa üzrə Liberallar və Demokratlar Alyansının Siyasi Qrupunun rəhbəri Qraham Uatsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Bildiyiniz kimi, bu il fevralın 16-da Avropa Parlamenti “Azərbaycanda mədəni irs” adlı qətnamə qəbul etmişdir. Qətnamədə iddia edilir ki, guya Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ermənilərə məxsus daş xaçlar dağıdılır.
Görüş zamanı Avropa Parlamentinin heç bir fakta söykənməyən əsassız qətnaməsi ilə əlaqədar Azərbaycan ictimaiyyətinin kəskin etirazı ifadə edildi. Bildirildi ki, ölkəmizdə müxtəlif etnik və dini qruplara mənsub olan 3,5 milyona yaxın mədəni-tarixi abidə dövlət himayəsi altına götürülmüşdür. Azərbaycan Respublikası mədəni və tarixi irsin qorunması sahəsində fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlarla həmişə şəffaf və konstruktiv əməkdaşlıq etmişdir və bundan sonra da edəcəkdir.
Əksinə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində ölkəmizin nadir mədəni irsinə təqribən 7 milyard ABŞ dolları həcmində ziyan vurulmuşdur. Ermənistanda xalqımıza mənsub olan bütün tarixi və mədəni abidələr yerlə yeksan edilmiş, o cümlədən 1500-dən çox məscid dağıdılmış və yandırılmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair danışıqların intensivləşdiyi bir vaxtda Avropa Parlamenti tərəfindən bu cür obyektivlikdən uzaq qərarın qəbul edilməsi sülh yollarının axtarışına mane olur, eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında mövcud əlaqələrə kölgə salır. Adı çəkilən qətnamənin qəbul edilməsi münaqişənin tezliklə həll olunmasında maraqlı olduğunu söyləyən Avropa Parlamentinin Azərbaycan ictimaiyyəti arasında imicinə zərbə vurur və Azərbaycan dövləti ilə Avropa İttifaqının strukturları arasında gələcək əməkdaşlığı çətinləşdirir.
Hörmətli deputatlar! Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl, fevral ayının 26-da bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 14 ili tamam olmuşdur. Bu hüznlü günlərdə Azərbaycan xalqı erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini ehtiramla yad etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, dövlət xadimləri, ictimaiyyətin nümayəndələri faciə qurbanlarının xatirəsinə həsr edilmiş “Vətən harayı” abidəsinin önündə keçirilən anma mərasimində iştirak etmişlər.
Fevralın 23-də Türkiyə Böyük Millət Məclisinin iclasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir. Bu faciənin ermənilər tərəfindən insanlığa qarşı törədilmiş ən qəddar cinayət olduğu bildirilmişdir. Xocalı soyqırımının bütün türk dünyasının faciəsi olduğu vurğulanmışdır.
Türkiyə Böyük Millət Məclisinin iclasında Azərbaycan parlamentinin deputatları Qənirə Paşayeva, Həvva Məmmədova və Elman Məmmədov iştirak etmişlər.
Fevralın 24-də Türkiyənin paytaxtı Ankara şəhərində Heydər Əliyev Fondunun Azərbaycan səfirliyi ilə birgə təşkil etdiyi mitinq keçirilmişdir. Mitinqə toplaşan qardaş ölkə ictimaiyyətinin və orada yaşayan azərbaycanlıların minlərlə nümayəndəsi erməni terroruna və Azərbaycan torpaqlarının işğalına son qoyulmasını tələb etmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Xocalı soyqırımının 14 illiyi ilə əlaqədar müraciəti oxunmuşdur. Faciənin dəhşətlərindən bəhs edən sərgi və sənədli film nümayiş etdirilmişdir.
Türkiyənin İğdır şəhərində də Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirilmişdir. Bu tədbirlərdə Milli Məclisin deputatları Məlahət Həsənova, İsa Həbibbəyli, Azay Quliyev və Musa Quliyev iştirak etmişlər.
ATƏT-in Parlament Assambleyasının qış sessiyasında Xocalı soyqırımı ilə əlaqədar Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin müraciəti və faciədən bəhs edən sənədli materiallar sessiya iştirakçılarına paylanmışdır.
Xocalı faciəsi zamanı qətlə yetirilmiş günahsız insanların xatirəsi Amerika Birləşmiş Ştatlarında, Almaniyada, İtaliyada, Belçikada, Ukraynada, Qazaxıstanda və dünyanın bir sıra digər ölkələrində də anılmışdır.
Biz əminik ki, Azərbaycan dövləti mövcud imkanların hamısından istifadə edərək ölkəmizin ərazi bütövlüyünün bərpasını, qaçqın və köçkünlərimizin doğma yurdlarına dönməsini təmin edəcək, xalqımıza qarşı törədilmiş bütün cinayətlərin, o cümlədən Xocalı soyqırımının müqəssirlərinin mühakimə edilməsinə nail olacaqdır.
Xocalı faciəsinin 14 illiyini qeyd etdiyimiz günlərdə Moskva şəhərindən aldığımız xəbər hamımızı dərindən sarsıtdı. Rusiya paytaxtının Bauman küçəsindəki bazarın uçması nəticəsində 44 nəfər azərbaycanlının həlak olması kədərimizi daha da artırdı.
Xahiş edirəm, Xocalı şəhidlərinin və qəhrəmanlarının, eyni zamanda, Moskva şəhərində həlak olmuş soydaşlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad etmək üçün ayağa qalxaq. (Hamı ayağa qalxır.)
Allah rəhmət eləsin.
Hörmətli deputatlar! Ötən sessiyalarda parlamentimizin səmərəli işləməsi 2006-cı ilin yaz sessiyasında da qanunyaratma və qanunvericilik fəaliyyətinin uğurlu olmasına əlverişli zəmin yaratmışdır. Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Əminəm ki, qəbul ediləcək qanunlar, o cümlədən “Beynəlxalq cinayətlərə görə məsuliyyət haqqında” Konstitusiya Qanunu, “Gender bərabərliyinin təminatları haqqında”, “Təhsil haqqında”, “Elm və dövlət elmi-texniki siyasəti haqqında”, “Ali təhsil və ali təhsildən sonrakı təhsil haqqında”, “Yaşlıların təhsili haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında”, “İnşaat fəaliyyəti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Kredit tarixçələri haqqında”, “Fitosanitariya haqqında”, “Dövlət qulluqçularının etik davranış kodeksi haqqında”, “Cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər haqqında”, “Əczaçılıq fəaliyyəti və dərman vasitələri haqqında”, “Əhaliyə onkoloji yardım haqqında” və digər qanunlar Azərbaycan Respublikasının hərtərəfli inkişafına öz köməyini göstərəcəkdir.
Yaz sessiyasının beşinci iclasında biz Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik. Bundan əlavə, 2005-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələnin parlamentin gündəliyinə çıxarılması gözlənilir. Yaz sessiyasının iclaslarında İnsan hüquqları üzrə müvəkkilin və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzələri də Milli Məclisə təqdim ediləcəkdir.
Hörmətli deputatlar! Mən əminəm ki, Milli Məclisin yaz sessiyası uğurlu olacaq, iş planımızda nəzərdə tutulan, habelə qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək layihələr səmərəli şəkildə müzakirə və qəbul olunacaqdır. Bu sessiyada sizin hamınıza müvəffəqiyyət arzulayır, bütün deputatları qanunyaratma fəaliyyətində yaxından iştiraka dəvət edirəm.
Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.15 dəq.)
İştirak edir 101
Yetərsay 83
101 nəfər iştirak edir. Yetərsay var. İclasa başlaya bilərik. Bu gün və martın 3-də keçiriləcək iclasın gündəliyi sizə paylanılıb. Xahiş edirəm, münasibətinizi bildirin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Cəlal müəllim.
C. Əliyev. Sağ olun. İş planına təhsil haqqında məsələ salınıbdır. Təhsil komissiyasının sədri bir neçə vaxtdır, qəzetlərə, televiziya kanallarına müsahibələr verir ki, aspirantura ləğv olunacaq, iki mərhələli elmi dərəcə ləğv olunacaq. Bunu bilmək lazımdır ki, qanunu Milli Məclis qəbul eləyir, komissiyanın sədri və ya komissiya yox. O mübahisəli fikirlər də bu iki çağırış Milli Məclisin fəaliyyəti dövründə komissiyada həll olunmayıbdır. Azərbaycanda elmi də, təhsili də, mədəniyyəti də, incəsənəti də dağıdan, görkəmli xadimlərə zülm eləyən, pisikdirib işdən uzaqlaşdıran Fatma Abdullazadənin işləridir.
Əvvəla, aspirantura təhsil deyil, elmdir. Əgər dəyişiklik olursa, bunu sorğu ilə, müzakirə ilə, referendumla eləmək, birinci növbədə Elmlər Akademiyasının fikrini öyrənmək lazımdır. Mən nəyə görə bunu həyəcanla deyirəm? Neçə vaxtdır mənə müraciət eləyirlər. Elmlər Akademiyasında, universitetlərdə elmlə məşğul olan insanlar təşviş içindədirlər. Bunu orada müzakirə eləmək lazımdır, onların fikrini bilmək lazımdır. O təklifi verənin görək dünya elmində, təhsilində xidməti nədir, biliyi nədir?
Biz elə dedik, kapitalizmdə belədir, xaricdə belədir, bizdə də belə olsun. Soveti dağıtdıq, amma onun əvəzində nə oldu? Bu iki mərhələlilik, aspirantura 300 ilə yaxındır ki, Rusiyada elmin inkişafını təmin edir. Azərbaycan da Rusiya və Sovet imperiyasının daxilində olubdur. Sovet təhsilində də, elmində də böyük nailiyyətlər olubdur. Sovet elmi dünyanın elminə, texnikasına, tərəqqisinə böyük töhfələr veribdir. Niyə bunu məhv eləmək lazımdır? Onsuz da elə dağılıb gedir. Təhsil dağılıbdır. Orta təhsildə nə qədər problemlər, ali təhsildə nə qədər neqativ işlər var. Bunu alimlərdən soruşmaq lazımdır.
Bu məsələ Rusiyada da qalxıbdır. Keçən il Rusiya Elmlər Akademiyasında, Təhsil Nazirliyində İqtisadiyyat Nazirliyinin təklifi ilə müasirləşdirmə, təkmilləşdirmə adı ilə bu məsələ müzakirə olunub. Əsas söz bu olub ki, bu böyük büdcədir, çatdırmaq olmur, maaşlar aşağıdır, ona görə burada bir çox obyektləri, institutları özəlləşdirmək və ya tamam Akademiyadan çıxarmaq lazımdır. Hətta bəziləri, məsələn, iqtisadiyyat naziri təklif eləyib ki, heç Akademiya lazım deyil. Amma Osipov və başqaları onların cavabını verib və Akademiyanın əleyhdarları istədiklərinə nail ola bilməyiblər.
Axırda nə oldu? Prezident o qərara gəldi ki, elmi sahədə mövcud strukturu saxlamaq, elmi işçilər üçün şərait yaratmaq lazımdır. Alimlərin maaşlarını artırdılar və 2008-ci ilədək bu maaşların müəyyən həddə qaldırılmasını planlaşdırdılar. Orada bir akademik çıxışında dedi ki, Rusiyada həmişə iki problem olub – axmaqlar və yollar. İndi üçüncü əmələ gəlib – yol göstərən axmaqlar.
Dediyim odur ki, əgər orada “yol göstərən axmaqlar” problem yaradırsa, burada da ifritə Fatma və Mütəllibovun Narxoz Universitetinin birinci skripkaçısı gəlib Azərbaycanın elminin, təhsilinin, - təhsil də elmin əsasıdır, - problemlərini həll edir. Kim buna ixtiyar veribdir ki, bunu zurna kimi çalıb, bütün Azərbaycana yaysın ki, aspirantura ləğv olunacaq, iki mərhələlik ləğv olunacaq?
İki mərhələlilik də lazımdır, aspirantura da lazımdır. Yüz illərlə Rusiyada və sonra Sovet İttifaqında mötəbər Elmlər Akademiyası olubdur. Amerika Elmlər Akademiyası var, Fransa Elmlər Akademiyası var, Almaniyanın Elmlər Akademiyası var. Burada da bu yaranıb. Bunu bağlamaq lazım deyil.
Bir Pənah gələndə cumdu ki, Elmlər Akademiyasını ləğv eləsin. Amma çatdıra bilmədi. Heydər Əliyev gəldi, qarşısını aldı. İndi nədir? Ona görə də belə sözləri küçə qəzetlərinin səhifələrinə çıxarmaq lazım deyil. Bu, məsələ həmişə o Fatmanın təkidi ilə salınıbdır ora, ona görə də mübahisəli olubdur. 10 ildir gəlib çıxmayıbdır Milli Məclisə. O məsələləri birinci növbədə Akademiyada müzakirə eləmək lazımdır. Burada da mən fikrimi dedim. Bu, dünya elminin, SSRİ-nin, indi də Rusiyanın, dünya elminə böyük töhfə vermiş ölkələrin elm və təhsil sahəsinin qayda-qanunlarıdır.
Vəzirov gələn kimi başladılar ki, akademik olmaq üçün mərhələlik nəyə lazımdır? Müxbir üzv, həqiqi üzv... Bunları elə birdəfəlik ləğv eləyək, hamısı akademik olsun. Yəni tez bu, vəzifəsini istəsin, onun qulbeçələri də akademik olsun.
Onsuz da səviyyə, tələbat aşağı düşübdür. Elmi dərəcə alanların böyük bir hissəsi, bəlkə 60-70 faizi elmlə əlaqəsi olmayan adamlardır. Mən Ali Attestasiya Komissiyasından son bir ildə müdafiə olunmuş işlər barədə məlumat götürdüm. 1-ci yerdə hüquq-80, iqtisadiyyat  60-70-80  arasında, 3-cü  yerdə  ədəbiyyat,  4-cü  yerdə  tibb. Qalan  sahələrdə 1-2-3. Onların eləsi var ki, 50-ci illərin ortalarında institut bitirib, elmi idarədə, təhsildə işləmir ki, gəlib dissertasiya müdafiə eləyə. Gəlin, görün, Ali Attestasiya Komissiyasında son 5-10 ildə müdafiə eləyənlərin neçə faizi elmlə məşğuldur. Bunu da ancaq şan-şöhrət üçün edirlər. Onların bir neçəsi də elə buradakı o alverçi deputatlardır. Onların da hərəsi ya elmlər namizədidir, ya da elmlər doktorudur. Özü də söhbət düşəndə deyir, bir diplom sənin cibində var, bir diplom mənim. Üstəlik gəlib vəzifə tutanda elə bilirlər ki, daha burada bunlardan böyük adam yoxdur.
Məhəmməd Peyğəmbər deyir ki, alim öldü, millət öldü. Ona görə də alimin qədrini bilmək lazımdır. Bunun burada müzakirəsindən əvvəl alimlər arasında geniş müzakirəsini aparmaq, lazım gələrsə, lap referendum keçirmək lazımdır. Güman edirəm ki, dediyim əsas məsələlər o qanunda öz əksini tapmalıdır.
Sədrlik edən. Çox sağ olun, Cəlal müəllim. Cəlal müəllim, Siz söylədiniz ki, artıq iki çağırışdır təhsil qanunu müzakirə olunur, iki çağırışdır qalır. Mən də güman edirəm ki, təhsil qanunu üçüncü çağırışda mütləq qəbul olunmalıdır. Lazım olsa, onu xalq müzakirəsinə çıxarmaq, lazım olsa, alimlərlə razılaşdırmaq lazımdır. Təhsilin səviyyəsini qaldırmaq üçün üçüncü çağırışda bu qanun qəbul olunmalıdır. Yenə deyirəm, lazım olsa, xalq müzakirəsi də, alimlərlə məsləhətləşmələr də olmalıdır. Güman edirəm, bu qanunun üzərində möhkəm işlənilməli və o, üçüncü çağırışda qəbul olunmalıdır.
Qaldı ki qəzetlər nə yazır, yazsın. Qəzetlərdə yazılanlar ehkam deyil. Qanun hələ müzakirə olunmayıb. Biz çalışarıq, bu qanunu ümumxalq müzakirəsinə çıxaraq ki, qanun yüksək səviyyədə qəbul olunsun. Sağ olun.
Gündəliyi səsə qoyuruq.

Səsvermənin nəticələri (saat 12.24 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, qarşıda bizi gərgin iş gözləyir. Müzakirə edəcəyimiz məsələlərin biri də yaz sessiyasının qanunvericilik işləri planıdır. Ona görə icazə verin, elə birbaşa gündəlik üzrə işimizə başlayaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən dedim ki, gündəlikdəki 5-ci məsələ müzakirə olunarkən bu məsələləri nə qədər istəsəniz, müzakirə edə bilərik. Buyurun.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Məclis! Ötən yığıncaqda Məclisin tam formalaşmasını gözləmədən biz qanuna görə Mərkəzi Seçki Komissiyasını müəyyənləşdirmişik. O vaxt seçilən deputatların bir hissəsi Məclisin işinə qatılmamışdır. MSK-nın cəmi 13 üzvü müəyyənləşib və müxalifətə düşən yerlər boşdur. Baxmayaraq ki, biz öz nümayəndəmizi əvvəlcədən Məclis rəhbərliyinin təklifi ilə təqdim eləmişdik. İndi artıq digər partiyalar da Məclisin işinə qatılıb.
Qarşıda 10 dairənin seçkisi keçirilməlidir. Bizi bu seçki gözləyir. Ona görə hesab edirəm ki, təkrar seçkiləri gözləmədən Mərkəzi Seçki Komissiyasının tərkibi tamamlanmalıdır. Nəyə görə? Ona görə ki, 10 dairədə bu gün faktiki müxalifətin nümayəndəsi yoxdur. Biz təkrar seçkilərin Azərbaycanın imici baxımından daha dəqiq, daha demokratik, ədalətli keçirilməsini istəyiriksə, hökmən o dairələrdə müxalifətin nümayəndələri olmalıdır. Biz əgər bu heyəti tamamlamırıq, MSK-nı dəqiq müəyyənləşdirmiriksə, bəri başdan 10 dairədə seçkilərin düzgün keçirilməyəcəyi fikrini bir növ müdafiə eləmiş oluruq. Ona görə də mən təklif eləyirəm ki, bu gün, ya növbəti yığıncaqda Məclisin işinə qatılan partiyaların da təklifləri nəzərə alınmaqla həm MSK tamamlansın, tərkibi tam müəyyənləşsin, həm də buna uyğun olaraq 10 dairədə dairə və məntəqə komissiyalarının tərkibi müəyyənləşdirilsin.
Çox təəssüf ki, Seçki Məcəlləsi bəri başdan pozulur. MSK-nın tərkibində iştirak eləməyən partiyaların nümayəndələri həm də məntəqələrdə, dairələrdə olmalıdırlar. Bu partiyalar hələ MSK-ya nümayəndələrini verməmiş dairələr və məntəqələr iqtidar partiyasının təklifi ilə formalaşdırılıb qurtarıb. Əvvəlkindən də bir addım geri getmişik. Yəni əvvəl, heç olmasa, məntəqələrdə, dairələrdə müxalifətin nümayəndələri vardı. İndi dairələrin hərəsində bir adam saxlayıblar. Bu bir adamı partiyalar arasında nə cür böləcəklər? Siz bilirsiniz, qanuna görə dairələrdə müxalifət üçün 3 yer, məntəqələrdə 2 yer qalmalıdır. Bu yerlər saxlanılmayıb. Bu yerlər tutulub. Sabah bu məsələ necə həll olunacaq? Ona görə çox xahiş edirəm, növbəti yığıncaqda bu məsələ həll olunsun və biz MSK-nın və dairə məntəqələrinin tərkiblərini qanuna uyğun formalaşdıraq.
İkinci bir məsələ xırda məsələdir. Biz payız və yaz sessiyalarını burada Azərbaycan Dövlət himninin oxunması ilə başlayırıq. Bunu dəfələrlə demişik. Əziz millət vəkilləri, biz millətə, xalqa nümunəyik. Dünyanın hər yerində himni millət, xalq oxuyur. Biz burada tamaşaçı deyilik. Bu himn çalınanda zəhmət çəkib, heç olmasa, dodağınızı tərpədin, o camaat hiss eləsin ki, siz bu himnin sözlərini bilirsiniz. Ya çalğı olmasın, qoy bu himni millət vəkilləri oxusunlar. Biz burada, elə bil ki, bir xorun ifasına qulaq asırıq. Belə olmalı deyil. Ümumiyyətlə, rəsmi dairələrimizdə, mən hiss eləyirəm, Azərbaycanın atributlarına hörmət məsələsi ciddi bir problemdir. Bunu hökmən nəzərə almaq lazımdır. Çox sağ olun.
P. Hüseyn. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə. Cavabını verək, sonra təklifinizi edin. Hörmətli Sabir müəllim, Siz keçən iclasda Mərkəzi Seçki Komissiyası formalaşanda burada olmadınız. Birincisi, Mərkəzi Seçki Komissiyasında müxalifət iştirak eləmir söhbəti yoxdur, azlıq təşkil eləyən partiyalar haqqında söhbət gedir və o partiyalar Mərkəzi Seçki Komissiyasında təmsil olunublar. Biz məsləhətləşmələr də aparmışdıq. 10 dairədə seçkilər başa çatmayıb. Ona görə partiyalarla belə razılaşma oldu və biz o qərarı qəbul elədik. Bu qərar artıq qəbul olunub. Allah qoysa, 10 dairədə seçki qurtarandan sonra Mərkəzi Seçki Komissiyasının tam formalaşması başa çatdırılacaqdır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən gündəliyi səsə qoydum, dedim, təkliflərinizi gündəlikdəki 5-ci məsələ müzakirə olunarkən verərsiniz, sözünüzü deyərsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah müəllim, olmaz dedim. Mən, axı, iclas aparıram. İclasın keçirilməyinə, xahiş edirəm, mane olmayın. Pənah müəllim...
P. Hüseyn. Hörmətli sədr, hörmətli millət vəkilləri! Mən jurnalist... (Eşidilmir.)
Sədrlik edən. Pənah müəllim, təklif eləyin. Ancaq kürsüyə qalxmağınızla iclası pozmağa çalışmayın. Bu qədər adama hörmət eləyin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sizin arxanızda 40 min seçici var, başqa millət vəkillərinin də arxasında 40 min seçici var.
İclası davam edirik. Gündəliyin birinci məsələsi. Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsinə əsasən, hər il yaz sessiyasının birinci iclasında parlamentin İntizam komissiyası yenidən təşkil edilir. Komissiyanın tərkibi haqqında layihə sizdə var. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.32 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 88
Nəticə: qəbul edildi

Qəbul edildi.
Gündəliyin ikinci məsələsi – Milli Məclisin Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında. Bu komissiya da Daxili Nizamnaməyə görə hər yaz sessiyasında yenidən təşkil olunur. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.33 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 6
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Üçüncü məsələ - Milli Məclisin daimi komissiyalarının tərkibində dəyişikliklər haqqında. Müvafiq qərar layihəsi sizə paylanıb. Kimin sözü var? Təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.34 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 91
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər barəsində layihəyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.35 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin beşinci məsələsinin müzakirəsinə başlayırıq. Azərbaycan Respublikası Milli Məclisinin 2006-cı il yaz sessiyasının qanunvericilik işləri planı haqqında. Bildiyiniz kimi, Daxili Nizamnamənin 7-ci maddəsinə əsasən, Milli Məclisin iclasları Milli Məclisin növbəti sessiyasının əvvəlində qəbul edilən qanunvericilik işləri planına uyğun olaraq keçirilir. Milli Məclisin qanunvericilik işləri planı da qərarla təsdiq edilir. Müzakirəyə 23 bənddən ibarət layihə təqdim edilmişdir. Layihə sizdə var.
Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim edəcəkləri qanun layihələri üçün ayrıca bir bənd nəzərdə tutulmuşdur. Qalan layihələr Milli Məclisin daimi komissiyaları tərəfindən müzakirəyə hazırlanacaqdır. Qanunvericilik işləri planına ölkəmizdə islahatların hüquqi təminatını möhkəmləndirməyə yönəldilən bir sıra qanun layihələri daxil edilmişdir. Məsələlər ətrafında müzakirələrə başlaya bilərik. Yazılanlar var. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının açılışı münasibətilə bütün millət vəkillərini təbrik edir və arzu edirəm ki, bu yaz sessiyasında dövlətimiz, xalqımız üçün yararlı qanun layihələri qəbul edək. Mən qısaca olaraq yeni yaz sessiyasının iş planına daha bir neçə qanunla bağlı məsələlərin salınmasını təklif etmək istəyirəm. İlk növbədə istəyirəm, Siyasi partiyalar haqqında qanun layihəsi də 2006-cı ilin yaz sessiyasında müzakirəyə çıxarılsın. Çünki 1992-ci ildə qəbul olunmuş “Siyasi partiyalar haqqında” Qanuna sonralar heç bir dəyişiklik olmayıb. Bu müddətdə Konstitusiya qəbul olunub, iki Seçki Məcəlləsi qəbul olunub və sair. Ona görə “Siyasi partiyalar haqqında” Qanunun dəyişməsinə ehtiyac var.
İkinci, istərdim, “Hərbi çağırış haqqında” Qanuna da dəyişiklik edilsin və hərbi çağırış yaşı 35-dən 27-yə endirilsin, o cümlədən ildə 4 dəfə yox, ildə 2 dəfə hərbi çağırış aparılsın. Bu da hərbi çağırışla bağlı müəyyən problemlərin aradan qalxmasına, o cümlədən ordudakı psixoloji durumla bağlı məsələlərin hamısının aradan qaldırılmasına xidmət edəcək.
Üçüncü məsələ. Xocalı soyqırımının rəsmən soyqırımı aktı kimi tanınması üçün mart ayının 31-də Soyqırımı günü ilə bağlı biz parlamentdə müzakirə təşkil eləyək, Xocalını bütün standartlara uyğun olaraq rəsmən soyqırımı kimi tanıyaq və bu soyqırımı aktı ilə bağlı dünya parlamentlərinə müraciət eləyək. Ola bilsin ki, bununla bağlı ictimai komissiya yaradılsın, Xocalı soyqırımının rəsmən tanıtdırılması istiqamətində parlamentlərlə əlaqələr yaradılsın. Həmin qrup parlamentlərlə işləsin ki, zaman-zaman bu soyqırımının gündəmə gəlməsi, ən azı parlamentlərdə müzakirəsi üçün bizə kifayət qədər əlavə imkanlar versin.
Sonra, Gürcüstanda yaşayan soydaşlarımızla bağlı son günlərdə bilirsiniz ki, çox ciddi məlumatlar var. Dünən Tiflis şəhərində də iri mitinq keçiriblər. Onların torpaq hüquqları pozulur, vətəndaş hüquqları pozulur. 17 nəfər həbs olunub. Onların 4 nəfəri yalnız girov qoyaraq həbsdən çıxa bilib. Mən çox istərdim ki, Milli Məclisin bir deputat qrupu müəyyən olunsun, bir neçə deputat ora səfər etsin. Bunu Gürcüstanın siyasi dairələri ilə həll eləyək. Ölkə üçün yenidən əlavə problem yaranmasın və Gürcüstanda baş verən hadisələri Gürcüstan hökuməti Azərbaycan dövlətinin həmin vətəndaşlara sahib çıxmaması kimi qiymətləndirməsin.
Bundan başqa, mən yaz sessiyasında ya 28 May günü münasibətilə, ya da Novruz bayramı münasibətilə amnistiya verilməsini istərdim. Dustaqlar, həbsxanada olanlar, o cümlədən üzərində cinayət işi olanlar çox geniş bir amnistiya olmasını gözləyirlər. Mən arzu edərdim ki, belə bir amnistiya aktı verilsin və cəmiyyət müəyyən dərəcədə bu gərginliklərdən  qurtarsın.  Həm  də  bilirsiniz, bu  il  müstəqilliyimizin 15-ci ildönümüdür. Müstəqilliyimizin 15-ci ildönümü il ərzində bayram tədbirləri və bu tipli xeyirxah əməllərlə yadda qalmalıdır.
Təbii ki, mən Vaşinqtonda xarici işlər nazirlərinin görüşlərindən sonra Qarabağ məsələsinin də parlamentdə dinləmələrə çıxarılmasının tərəfdarıyam. Hesab edirəm ki, Qarabağ məsələsi parlamentdə dinləmələrə çıxarılmalıdır. Hər kəs öz mövqeyini bildirməlidir. Bizim ən azı burada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı danışıqlar aparılması haqqında məlumatımız olmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də gündəliyə daxil olan, o cümlədən parlamentin yaz sessiyası ilə əlaqədar qoyulan məsələləri alqışlayıram və bir neçə təklifin ora əlavə olunmasını sizdən xahiş edirəm.
Birinci, “Siyasi partiyalar haqqında” Qanun qeyd olundu. Bildiyiniz kimi, bir neçə gündür ki, artıq bununla bağlı ATƏT-in Bakı ofisi də müəyyən dinləmələr keçirir və burada bütün partiyaların nümayəndələri iştirak edirlər. Gələcəkdə siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsi və digər məsələlər nəzərdə tutulur. “Siyasi partiyalar haqqında” Qanunun bir çox müddəaları mövcud qanunlarımıza uyğun gəlmədiyinə görə müasir standartlara uyğun və tam şəkildə bugünkü ictimai-siyasi prosesləri özündə əhatə edən yeni bir qanuna ehtiyac var.
İkinci, mən hesab edirəm ki, milli-mənəvi dəyərlərimizin qorunması, saxlanması ilə əlaqədar bir qanun layihəsi hazırlanmalıdır. Bu gün kütləvi informasiya vasitələrində, ayrı-ayrı televiziya kanallarında Azərbaycan əxlaqına, mənəviyyatına uyğun olmayan bəzi verilişlərin nümayiş etdirilməsi, müəyyən reklamların verilməsi ailədə uşaqların tərbiyəsinin pozulmasına şərait yaradır, əhali və o cümlədən seçicilər tərəfindən böyük narahatçılığa səbəb olur. Ona görə də mənəvi dəyərlərin qorunması ilə əlaqədar bir qanun qəbul olunmalıdır.
Mən təklif edirəm ki, Milli Məclisin gündəliyinə Azərbaycanda olan mərasimlərin keçirilməsi ilə də əlaqədar bir qanun layihəsi daxil edilsin. Artıq əhali, cəmiyyət tərəfindən bu hər tərəfdə deyilir ki, bu gün bu məsələnin qanunla tənzimlənməsinə böyük ehtiyac var. Bu gün Azərbaycan yasında kədərlənə bilmirsən, Azərbaycan toyunda istirahət edə bilmirsən. İnsanların psixikası, əsəbləri pozulur. Ona görə də mənə elə gəlir ki, plana bununla bağlı bir qanun layihəsi salınmalıdır.
“Reklam haqqında” Qanuna da dəyişikliklər və əlavələr olunmalıdır. Bu yaxınlarda Rusiyada da belə bir qanun qəbul olundu. Bilirsiniz ki, televiziya ekranlarında bir verilişin arasında elə olur ki, 10 dəqiqə, 12 dəqiqə reklamlar gedir və bu da insanlara ciddi təsir göstərir. Onlar hər hansı məsələ ilə məşğul ola bilmirlər.
Sonra, başqa bir məsələ. Bu gün biz Avropa strukturlarına inteqrasiya edirik, Avropaya doğru gedirik. Avropa strukturlarına inteqrasiya ilə əlaqədar istər Gürcüstan, istərsə də Ermənistan parlamentlərində xüsusi komissiya var. Hətta Gürcüstanda bununla əlaqədar dövlət naziri vəzifəsi də yaradılıb və o, Avropa strukturları ilə əlaqədar mütəmadi olaraq parlamentdə məlumatlar verir. Mən hesab edirəm ki, bu gün biz Avropanın yeni qonşuluq siyasəti, o cümlədən Avroatlantik məkana inteqrasiya və digər məsələlərlə əlaqədar parlamentdə ya bir komissiya, ya da bir qrup yaratmalı və ona həvalə etməliyik ki, mütəmadi olaraq parlamenti bu haqda məlumatlandırsın. Ona görə hesab edirəm ki, bu məsələlər də gündəliyə daxil edilməlidir.
Başqa məsələ. Burada hörmətli Sabir müəllim dairə seçki komissiyalarının təşkili ilə əlaqədar məsələyə toxundu. Seçki Məcəlləsində yazılmayıb ki, dairə seçki komissiyalarının tərkibində hökmən 3 nəfər müxalifət nümayəndəsi olmalıdır. Yazılıb ki, MSK 9 nəfərdən ibarət olur, 3 nəfər parlamentdə çoxluq təşkil eləyən partiyanı, 3 nəfər parlamentdə azlıq təşkil eləyən bütün siyasi partiyaları və 3 nəfər bitərəfləri təmsil edir. Ona görə bunu müxalifət tərəfindən 3 namizədin verilməsi kimi başa düşmək olmaz. Parlamentdə azlıqda olan siyasi partiyalar çoxdur.
Cənab Sədr, hesab edirəm ki, bizim bir sıra deputat həmkarlarımız yenidir və hələlik bəzi vərdişlərə yiyələnməyiblər. Kim çıxış etmək istəyirsə, qarşısındakı düyməni basmalıdır. O öz fikirlərini yazılı surətdə də bildirə bilər. Bu parlamentdə biz bir-birimizə hörmətlə yanaşmalıyıq. Hörmətlə hər bir fikrimizi söyləməliyik. Biz 12 il bundan qabaqkı parlament deyilik. Bu gün parlament Azərbaycanın demokratik bir parlamentidir və hər kəsə də azad şəkildə şərait yaradılır ki, fikirlərini söyləsin, təkliflərini desin. Milli Məclisin deputatları...
Sədrlik edən. Çox sağ olun, Siyavuş müəllim. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən yaz sessiyasının planında təklif edilmiş qanun layihələrinin müzakirəsinin tərəfdarıyam. Ümidvaram ki, həmin qanun layihələrinin qəbul edilməsi Azərbaycanda davam edən islahatların uğurlu gedişinə öz müsbət töhfəsini verəcək. Bununla bərabər, mən istərdim ki, bir sıra məsələlər də yaz sessiyasının gündəliyinə çıxarılsın. Mənim düşüncəmə görə, həmin məsələlərin müzakirəsi ciddi əhəmiyyət kəsb eləyir.
Hər şeydən öncə bildirim ki, Cəlal müəllimin söyləmiş olduğu fikirlərin bir sıra məqamları ilə mən razıyam. Təhsil haqqında qanun layihəsinin ciddi xarakter daşıdığı hamımıza bəllidir. Oqtay müəllim, Sizin də fikrinizlə razılaşmamaq mümkün deyil ki, yaxın zaman kəsiyində bu qanun layihəsi müzakirəyə çıxarılmalı və qəbul edilməlidir. Lakin bu qanun layihəsi ayrı-ayrı məmurların ambisiyalarının ifadəsinə çevrilməli deyil. Mən keçən sessiyada da fikirlərimi söyləmişəm. Söyləmişəm ki, Təhsil haqqında qanun iki xanımın kaprizinə görə qəbul edilmir. O xanımların adları da, soyadları da sizə bəllidir.
Sədrlik edən. Mən üzr istəyirəm, o xanımlar millət vəkilləri deyillər. Onu burada həll edəcəyik.
F. Ağamalı. Çox hörmətli cənab Sədr, mən müəyyən etik normalara görə onların adlarını çəkmədən ümumi fikrimi söylədim. Lakin heç şübhəsiz, elə bir qızıl ortaq məxrəc tapılmalıdır ki, qəbul ediləcək həmin qanun Azərbaycanda təhsilin inkişafına xidmət eləsin, əksinə, təhsilin inkişafında buxov rolunu oynamasın. Bu baxımdan düşünürəm ki, Təhsil haqqında qanun ciddi mütəxəssislər, peşəkarlar tərəfindən ümumi müzakirədən keçdikdən sonra Milli Məclisin müzakirəsinə çıxarılmalı və qəbul edilməlidir. Çünki faktiki olaraq bu gün Azərbaycanın təhsili konkret qanunla tənzimlənmir.
Mənim təklif etdiyim ikinci məsələ maliyyə amnistiyası haqqında qanun layihəsinin qəbul edilməsidir. Bu bir sıra ölkələrdə həyata keçirilib və özünün müsbət nəticələrini verib. Bəlli olduğu kimi, ayrı-ayrı şəxslərin Azərbaycandan kənarda, müxtəlif banklarda yatırımları var və həmin pullar Azərbaycana gələ bilmir. Mən düşünürəm ki, maliyyə amnistiyası haqqında qanun qəbul etməklə Azərbaycana külli miqdarda sərmayə gətirmək olar. Həmin sərmayə ilə Azərbaycanda yeni iş yerləri açıla, yeni müəssisələr yaradıla bilər, bu da Azərbaycanın sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərə bilər.
Üçüncü məsələ. Siyasi partiyalar haqqında qanunun qəbul edilməsi ilə bağlı səslənmiş təkliflərin mən də tərəfdarıyam. Hörmətli cənab Sədr, xahiş edirəm ki, Siz də öz imkanlarınız daxilində yaz sessiyasında Siyasi partiyalar haqqında qanunun qəbul edilməsi üçün öz imkanlarınızı əsirgəməyəsiniz. Belə bir qanun layihəsi gündəliyə daxil edilməli, müzakirə olunmalıdır. Çünki son dərəcə aktual və ciddi əhəmiyyət kəsb eləyən məsələdir.
Dördüncü məsələ. Dəfələrlə burada söyləmişəm, bu gün bir daha təkrar edirəm, İnformasiya təhlükəsizliyi haqqında qanunun qəbul edilməsinə ciddi ehtiyac duyulur. İnformasiya təhlükəsizliyi olmadığına görə hətta dövlət sirləri, dövlət əhəmiyyətli informasiyalar ən asan yollarla xarici kəşfiyyat orqanları tərəfindən əldə olunur. Bu da, heç şübhəsiz ki, Azərbaycan dövləti üçün ciddi problemlər yaradır. Əgər İnformasiya təhlükəsizliyi haqqında qanun qəbul edilərsə, hesab edirəm ki, bu problemi də aradan qaldırmaq mümkündür.
Nəhayət, beşinci. Keçən dəfə büdcənin müzakirəsi zamanı millət vəkillərinin, eyni zamanda, hörmətli maliyyə naziri Əvəz Ələkbərovun da söyləmiş olduğu kimi, 2006-cı ildə köhnə əmanətlərin qaytarılması ilə bağlı artıq real imkanlar var. Ona görə təklif edərdim ki, Əmanətlərin qaytarılması haqqında da qanun layihəsi müzakirə olunsun.
Sözümün sonunda onu demək istərdim ki, hörmətli Pənah Hüseyn, indi burada tamam başqa bir durumdur. İstənilən fikir haqqında, istənilən məsələ haqqında deputat...
Sədrlik edən. Fəzail müəllim, çox sağ olun. Məclisin Sədri hələlik mənəm. Çox sağ olun.
F. Ağamalı. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, deyin.
F. Ağamalı. Çox sağ olun, mən Sizin səlahiyyətlərinizi mənimsəmək fikrində deyiləm, hörmətli Oqtay müəllim. Mən, sadəcə olaraq, fikrimi deyirəm. Demək istəyirəm ki, ola bilsin, parlamentin təcrübəsini bilmirlər, uzun müddətdir parlamentlə bağlılıqları yoxdur. Bu insanlara, sadəcə olaraq, xatırlatmaq istəyirik ki, parlamentdə münasibətlər bir az sivil qaydada qurulmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun, çox sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli deputatlar! Parlamentin iclaslarının reqlamenti ilə əlaqədar bizim bir sıra təkliflərimiz olacaq və yəqin ki, növbəti iclaslarda biz bu təklifləri müzakirəyə təqdim edəcəyik. Bu gün isə mən iclasın aparılmasına aid iradlarımı səsləndirmək istəyirəm.
Keçən dəfə növbədənkənar iclasda, bildiyiniz kimi, bizə, deputat Nəsib Nəsibliyə və mənə çıxış üçün söz verilmədi. Hər ikimizin adı elektron tabloda yazılmışdı. Ən qəribəsi də budur ki, məhz deputat Nəsib Nəsiblinin çıxış etmək növbəsi çatanda çıxışların dayandırılması təklifi səsləndi və o dəqiqə də səsə qoyularaq qəbul olundu. Hamıya aydındır ki, parlamentdəki mövcud qüvvələr nisbəti istənilən təklifi qəbul etməyə və müsbət həll etməyə imkan verir. Ancaq bu o demək deyil ki, o nisbət bizim, yəni parlamentdə azlıqda qalan müxalifət nümayəndələrinin çıxış etmək, müzakirə olunan məsələyə münasibət bildirmək hüquqlarımızın məhdudlaşdırılmasına xidmət etməlidir. Xüsusilə də Mərkəzi Seçki Komissiyası kimi çox aktual olan məsələnin müzakirəsində bunu yolverilməz hesab edirəm.
Mən iki iclasda, təbii ki, bizim parlamentdəki fəaliyyətimizə aid qanunlarla tanış ola bilməmişdim. Ancaq növbədənkənar iclasdan sonra mənə təqdim olunan bu qanunları oxudum, Milli Məclisin deputatı kimi, bizə münasibətdə həm Milli Məclisin Daxili Nizamnaməsinin, həm də “Milli Məclisin deputatının statusu haqqında” Qanunun bir sıra maddələrinin pozulması hallarını qeydə aldım. Bizə çıxış etmək imkanının verilməməsi Daxili Nizamnamənin 1-ci maddəsinin ikinci hissəsinin pozulması deməkdir. Bizə söz verilməməsi Daxili Nizamnamənin 8-ci, 10-cu maddəsinin pozulması deməkdir. Bizim çıxışımız kəsilərkən həm də Daxili Nizamnamənin 13-cü maddəsinin ikinci hissəsinin tələbləri pozulur. Həm də bizim çıxış imkanımızın məhdudlaşdırılması “Deputatın statusu haqqında” Qanunun 7-ci maddəsinin üçüncü hissəsinin pozulması deməkdir.
Sonda bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm. Biz parlamentdə bu və ya digər səbəbdən azlıqda qalsaq da, faktiki olaraq təmsilçilik səviyyəsinə görə ikinci siyasi qüvvəni təmsil edirik. Məsələyə bu məntiqlə yanaşsaq, Daxili Nizamnamənin və “Deputatın statusu haqqında” Qanunun uyğun bəndlərini pozaraq, məhz bizim çıxışlarımıza imkan verilməməsinə heç nə ilə haqq qazandırmaq olmaz. Hörmətli Oqtay müəllim, mən Sizdən çox xahiş edirəm ki, mənim bu iradlarım nəzərə alınsın.
Sədrlik edən. Mən Sizin bu çıxışa qısa bir cavab vermək istəyirəm. Burada heç kimin danışmasına məhdudiyyət qoyulmayıb. İclas keçirdi, bütün millət vəkilləri burada idi. Təklif olundu, səsə qoyulsun. Mən söylədim, təkid eləyən varmı, siz dinmədiniz, təkid eləmədiniz. Səsə qoyuldu. Bundan sonra söz verməyəcəyəm ki. İstənilən millət vəkilinə söz verilir, danışır. Amma müzakirələrin dayandırılması təklifi səsə qoyulub qəbul ediləndən sonra mən kiməsə söz verə bilmərəm. Bunu reklam eləmək ki, Sizin çıxışınızı xüsusi saxlayıblar, Sizə görə saxlayıblar, bu, tamamilə yanlış fikirdir. Gəlin belə danışaq, Milli Məclisdir, hamımız millət vəkilləriyik. Normal iclas keçirək, sözümüzü deyək. Mən heç kimin sözünü kəsmək istəmirəm. Ancaq iclasın gedişinə, xahiş edirəm, qəsdən maneçilik olmasın. Bunu edən adamın mən sözünü kəsəcəyəm. Nəsib Nəsibli.
N. Nəsibli. Hörmətli Sədr, möhtərəm millət vəkilləri! Hər vaxtınız xeyir olsun. Müsavat Partiyasını təmsil eləyən millət vəkilləri adından bir neçə təklifimiz var və onların bu yaz sessiyasının iş planına salınmasını xahiş edirik.
Qarabağ problemi ilə bağlı illərlə danışıqlar gedir. Amma mənim xatirimdə olan odur ki, bu salonda yalnız bir dəfə Qarabağla bağlı müzakirələr keçirilib. Bir az əvvəl İqbal Ağazadə də bu barədə danışdı. Mənə elə gəlir ki, Qarabağ sülh prosesi ilə bağlı gedən danışıqların məğzi barədə rəsmi şəxslər – Prezident və ya xarici işlər naziri burada məlumat versə, millət vəkillərinin də ondan xəbəri olar. Çünki mətbuatda müxtəlif versiyalar verilir. Məsələn, xarici işlər naziri deyir ki, 9 bənddən 7-si razılaşdırılıb, amma 2 bənd nə olan şeydir, onu demirlər.
İkinci, bir az öncə o da deyildi, bir daha istəyirəm, diqqətinizi buna cəlb eləyim. Borçalıda da, Gürcüstan Respublikasının Kvemo-Kartli deyilən bölgəsində də çox dramatik hadisələr baş verir. Orada olan xırda məsələləri böyütmək istəmirəm. Əsas diqqəti cəlb eləyən nədir? Bir aydan bir neçə gün sonra orada özəlləşdirmə prosesi başa çatacaq və bununla həmin məsələ qapanacaq. Mənə elə gəlir ki, bu da yaz sessiyasının iş planına salınmalıdır.
Üçüncü məsələ bəlkə də millət vəkillərinə bir az inandırıcı gəlməsin. Amma qonşu ölkə olan İranda da çox maraqlı və bizim gələcək taleyimizi müəyyən eləyən hadisələr baş verir və yaxud da baş verməlidir. Ya İranın nüvə dövlətinə çevrilməsi, ya da tam tərsinə, çevrilməməsi. Bu məsələnin beynəlxalq siyasətin gündəliyinə gəlməsi, amma Azərbaycan Milli Məclisinin bu məsələni müzakirə etməməsi, mənə elə gəlir, düzgün deyil. Əlbəttə, bu, başqa ölkənin daxili işinə qarışmaq, o məsələyə birbaşa müdaxilə eləmək deyil. Onun forması da tapıla bilər, ya bu, qapalı keçirilə bilər, ya dinləmə formasında ola bilər, ya da müzakirələr formasında ola bilər. İran məsələsi mütləq deyil ki, sabah, ya birigün müzakirə olunsun. Amma yaz sessiyası dövründə, mənə elə gəlir ki, bu məsələ gündəliyə çıxacaq. Çünki Milli Məclisin ona öz münasibətini bildirməsinə ehtiyac var.
Nəhayət, dördüncü məsələ odur ki, müxtəlif istiqamətlər üzrə dövlət proqramları qəbul olunur. Antikorrupsiya proqramı qəbul olunub. Milli Məclisdə müzakirə olunubmu? Olunmayıb. Regionların inkişafı ilə bağlı. İcraedici hakimiyyət bunu müzakirə eləyir. Amma Azərbaycan Respublikası Milli Məclisi nəzarət funksiyasından istifadə eləyib onları müzakirə eləsə, icra vəziyyətini yoxlasa, mənə elə gəlir ki, bu, Azərbaycanın xeyrinə olar.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bir neçə məsələyə toxunacağam və istərdim ki, bu məsələlərin parlament tərəfindən həyata keçirilməsinə nail olaq.
Birincisi, mənfi tendensiya gedir. Əvvəllər bəzi Qərb ölkələrindən qondarma “Dağlıq Qarabağ Respublikası”na səfərlər edirdilər. Çox təəssüf ki, bu ölkələrin sayı getdikcə artır. Bunlar gedirlər, Dağlıq Qarabağın erməni icması ilə, qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyi ilə rəsmi görüşlər keçirirlər. Bu görüşlərin sonuncusu Lüksemburq parlamentinin nümayəndə heyəti ilə olub. Orada çox maraqlı bəyanatlar səslənir. Biz buna sərt reaksiya vermədikcə bu ölkələrin sayı getdikcə artır. Mən çox xahiş edirəm ki, bizim parlamentimiz bu cür ölkələrin parlamentlərinə çox sərt reaksiya versin. Çünki biz Avropa parlamentində yaranan hadisənin şahidi olduq. Bu gün Dağlıq Qarabağ məsələsinin buradakı müzakirəsindən danışırıq. Amma bəlkə sözdən daha çox əmələ keçməyimiz lazımdır. Burada hər bir millət vəkili Avropa parlamentində bu işə qol qoyan və qol qoyanların inandırdığı insanların hər birinə rəsmi etiraz məktubu göndərsin, parlamentin adından etiraz məktubları getsin. Yəni tək parlament yox, hər bir millət vəkili etiraz məktubları göndərsin. 125 millət vəkili bu cür etiraz məktubları göndərsə, fikirlərini bildirsə, məncə, bunun bir təsiri olar və biz bu tendensiyaların, heç olmasa, qismən qarşısını ala bilərik.
Digər dəhşətli tendensiya ondan ibarətdir ki, Azərbaycandan Qarabağa səfərlərin sayı artır. Bu səfərlərin hamısının adı altında məktub yazılır. Hər bir azərbaycanlı o məktubu yazanda “Dağlıq Qarabağ Respublikası”nın prezidenti Arkadi Qukasyana müraciət edib. Birincisi, mən hesab edirəm ki, bu təhqirdir. İkincisi, nəyə görə bu tendensiya bu qədər artmalıdır? Mən hesab edirəm ki, bunun arxasında duranlar öz maraqlarına nail olurlar. Xalq diplomatiyası deyilən şeyə nail olurlar. Bu xalq diplomatiyasının, əslində, adı reallıqla barış deməkdir. Biz bunu dərk etməliyik. Mən hesab edirəm ki, buna görə bizə heç kim təzyiq də eləməz. Götürək Amerika Birləşmiş Ştatlarını. İkinci Dünya müharibəsi zamanı Almaniya ilə bütün gediş-gəlişlərə, hətta jurnalistlərin də gediş-gəlişlərinə rəsmi şəkildə qadağa qoyan qətnamə də çıxardı. Parlamentin də buna ya sənəd şəklində və ya hər hansı bir şəkildə ciddi münasibəti olmalıdır.
Axırıncı məsələ. Bəzi millət vəkilləri Gürcüstanla bağlı məsələ qaldırdı. Bu gün ölkənin qəzetlərini açdıqda görürsən ki, Gürcüstan məsələsi artıq baş məsələyə çevrilir. Orada etiraz aksiyası oldu, burada toqquşma oldu. Bilirsiniz ki, bu toqquşmalarda bəzən hətta o vəziyyət yaranır ki, mətbuatın, televiziyaların kasetləri əlindən alınır. Mən hesab edirəm ki, bu siqnallardır. Mən Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr qrupunun rəhbəriyəm. Oqtay müəllim, bir qrup deputatın, nümayəndə heyətinin Gürcüstana səfərinə, bilirik ki, Siz dəstək verərsiniz. Biz o səfəri keçirək, oradakı insanlarla danışaq, rəsmi şəxslərlə görüşək. Bu məsələlər ciddiləşməmiş, heç olmasa, bunun qarşısını almaq üçün bəlkə müəyyən işlər görmək olar.
Sədrlik edən. Çox sağ olun, Qənirə xanım. Yazılanlar var, danışmalıdırlar. Pənah Hüseyn.
P. Hüseyn. Hörmətli Sədr, hörmətli Milli Məclis üzvləri! İclasın əvvəlində yaranmış məsələ onunla bağlıdır ki, deputatların sorğu vermək, qeydlər etmək və replikalar vermək haqqında qanunvericilikdə təsbit olunmuş hüquqlarının necə reallaşdırılması barədə konkret mexanizm yoxdur. Dərhal gündəliyə keçildi və bildirildi ki, yalnız gündəlik barədə danışmaq mümkündür. Belə olan halda, bir daha təkrar edirəm, deputatın sorğu vermək, replikalar söyləmək, qeyd etmək hüququnun hansı formada reallaşdırılmasını Milli Məclis həll etməlidir.
Burada mənim də çox razı olduğum, əhəmiyyətli qanun layihələrinin yaz sessiyasında müzakirəyə çıxarılması barədə təkliflər edildi. Onlara biz qoşuluruq. Amma çox təəssüf ki, bu məsələnin də reallaşdırılması üçün bizə təqdim olunmuş layihədəki planda hansısa bir mexanizm yoxdur. Çox qəribədir ki, 2006-cı il yaz sessiyasının qanunvericilik işləri planı layihəsinin 1-ci bəndində qanunvericilik təşəbbüsü olan bütün subyektlərin adı çəkilir. Yəni burada da respublika Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında qanun layihələri təqdim etmək hüququ öz əksini tapıb, amma Milli Məclis deputatlarının belə bir hüququ təsbit olunmayıb. Halbuki burada adları səslənən bir çox qanun layihələri yalnız Milli Məclisin üzvləri, deputatlar tərəfindən irəli sürülə bilər. Bu məsələ 1-ci bənddə öz əksini tapmayıb. Ona görə də mən təklif edirəm ki, bu layihədə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin” sözlərindən sonra “Milli Məclisin deputatlarının” sözləri əlavə olunsun. Çünki Siyasi partiyalar haqqında qanunu əgər Siyavuş müəllim təklif etdisə, yəqin ki, buna razı olan digər deputatlar tərəfindən bu məsələlər qanunvericilik qaydasında irəli sürülə bilər.
Mən ikinci bir məsələyə toxunuram və sözümü tamamlayıram. Mən burada səslənən fikirləri qəbul edirəm. Şübhəsiz, Milli Məclis 1990-cı illərin əvvəlindəki Milli Məclis deyil. Amma mən də siz deyən adam deyiləm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Hörmətli Sədr, hörmətli Məclis! Yəqin ki, biz bu gün bizə təqdim olunan gündəliyin 5-ci bəndi üzrə danışmalıyıq. Mən də bu sessiyada bizim müzakirə edəcəyimiz və müzakirə olunması zəruri olan məsələlər, eyni zamanda, daha hansı problemlərin qanunvericilik bazasının yaradılması barədə danışmaq istəyirəm. Burada Siyasi partiyalar haqqında qanun barədə deyildi. Mən də onun tərəfdarıyam, vaxtınızı almaq istəmirəm.
Burada belə bir fikir səsləndi ki, antiinhisar fəaliyyəti haqqında qanun yoxdur. Mən bu fikirlə razı deyiləm, belə bir qanun var. Amma qanun çox zəifdir, ona əlavələr edilməsinə ehtiyac vardır. Xüsusilə indi Azərbaycanda qiymətlərin sürətlə artdığı bir şəraitdə elə bir hüquqi baza, elə bir qanunvericilik bazası, elə bir əsasnamə, elə bir təlimat yoxdur ki, o, qiymətlərin istənilən səviyyədə şişirdilməsinin qarşısının alınmasına imkan versin. Düzdür, biz “Tənzimlənən qiymətlər haqqında” Qanun qəbul etmişik, “Antiinhisar fəaliyyəti haqqında” Qanun var – bunlar bir-biri ilə əlaqədardır. Müvafiq icra hakimiyyəti orqanları çox zaman “Tənzimlənən qiymətlər haqqında” Qanunun ölkə Prezidenti tərəfindən hələlik imzalanmamasının səbəbini beynəlxalq təşkilatların bu məsələyə müdaxiləsində və “Antiinhisar fəaliyyəti haqqında” Qanunda bu məsələlərin şərh olunmasında görürlər. Amma mən cəsarətlə deyirəm ki, bunun heç biri arqument deyildir. Çünki beynəlxalq təşkilatlar heç zaman ölkədə qiymətlərin tənzimlənməsi barədə normativ hüquqi aktın – “Tənzimlənən qiymətlər haqqında” Qanunun əleyhinə gedə bilməz. Çünki biz onsuz da enerji daşıyıcılarının və digər təbii inhisar subyektlərinə aid olan əmtəələrin qiymətlərini tənzimləyirik. Biz bunun hüquqi bazasının yaradılmasının arzusundayıq və qanun bu məqsədlə qəbul olunmuşdur. Təəssüf ki, indi ölkədə bazar qiymətlərinin, ərzaq və qeyri-ərzaq qiymətlərinin sürətlə artmasında bu qanunun fəaliyyətsiz qalmasının da müəyyən təsiri vardır. Hesab edirəm ki, “Antiinhisar fəaliyyəti haqqında” Qanun yenidən işlənməlidir və “Tənzimlənən qiymətlər haqqında” Qanunun işləməsinə, yəni onun ölkə Prezidenti tərəfindən imzalanmasına və yaxud ona yenidən baxılmasına böyük ehtiyac vardır.
Burada Təhsil haqqında qanun ətrafında danışıldı. Bu qanunun qəbul olunmaması bugünkü komissiya üzvlərinin fəaliyyətsizliyi kimi qəbul edilməməlidir. Bu qanun barədə hörmətli Oqtay müəllim də gözəl dedi. Söhbət bu qanunun vacibliyindən, çoxşaxəliliyindən gedir. Mən də müşahidə edirəm ki, bu qanunun üzərində yeni tərkibdə olan komissiya çox ciddi işləyir. Qaldı bəzi qəzetlər, sözün əsl mənasında olmayan şeyləri də uydurub yazırlar. Belə yazılar bizim işimizin ahəngdarlığına və Təhsil haqqında qanun barədə sağlam düşüncələrin həyata keçirilməsinə mane olur. Ona görə mən o fikirdəyəm ki, biz Təhsil haqqında qanunun qəbul olunmasından əvvəl təhsilin keyfiyyətinə mənfi təsir göstərən amilləri aradan qaldırmalıyıq. Bu amillərdən biri, hörmətli Oqtay müəllim, indi müəllimlərin müxtəlif yerlərdə işləməsinə can atmasıdır. Müəllimlərin maaşı azdır. Yaxşı olardı ki, müəllimlərin əmək haqlarının artırılması barədə müvafiq tədbir görülsün. O tədbir, hesab edirəm ki, Təhsil haqqında qanunun qəbuluna qədər təhsildə işlərin tənzimlənməsinə və ahəngdarlığın təmin edilməsinə böyük təsir göstərə bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Xanhüseyn müəllim. Fəttah Heydərov.
F. Heydərov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputat həmkarlar! Mən üçüncü çağırış Milli Məclisə seçilmiş deputatların tam şəkildə bu gün bu zalda iştirak etməsini nəzərə alaraq yaz sessiyasının başlanması münasibətilə bir daha hər birinizi səmimi qəlbdən təbrik edir, hamınıza möhkəm can sağlığı, uzun ömür, müstəqil Azərbaycanımızın inkişafı naminə hər kəsin nə qədər potensialı, gücü-qüvvəsi varsa, hamısını sərf etməyi arzu edirəm!
Bu gün biz elə bir iş planı təsdiq edirik ki, bunun üzərində işlənib, komissiyalarda baxılıbdır. Mən hesab edirəm ki, bu planı biz təsdiq etməliyik.
Hələ qarşıda çoxlu illər var, hələ deputatların fəaliyyət dövrü qarşıdadır. Hər kəs öz gücünə, qüvvəsinə, öz ağlına, millətə, xalqa münasibətinə görə bu Milli Məclisin tribunasından istifadə edərək istənilən fikri deyə biləcək, həyata keçirə biləcəkdir. Milli Məclis bu fikirləri saf-çürük edib qəbul edəcəkdir. Bunun üçün mən bu zalda oturan deputatlara birinci, ikinci çağırışlarda olduğu kimi, yenə də öz seçicilərinə hörmət edərək, onların qarşısında məsuliyyət daşıyaraq, partiya mənsubiyyətini, siyasi mənsubiyyəti, siyasi fikir ayrılığını tamamilə bir qırağa qoyaraq bu üçüncü çağırış Milli Məclisi uğurla başa vurmağı arzu edirəm. Bu, müqəddəs arzudur. Çünki Milli Məclisdə olan sabitlik, sakitlik ölkəmizdə olan sakitlik, sabitliklə həmahəngdir. Ölkədə sakitlik, sabitlik hökm sürür və onu pozmağa cəsarət etmək istəyən adamlar öz layiqli cəzasını alırlar.
Dövlətimiz çox böyük sürətlə inkişaf edir. İqtisadi inkişafımız, demək olar ki, artıq təkcə Qafqazda deyil, dünya dövlətləri arasında göz qabağındadır. Siyasi münasibətlərimiz normallaşır. Çox müsbət haldır ki, indi bizim zalda partiya mənsubiyyətinə görə, partiya siyahısı ilə, proporsional siyahı ilə yox, majoritar qaydada seçilən, yəni xalqın seçdiyi və müxtəlif siyasi əqidəyə malik olan insanlar vardır. Bunlara xalq etimad göstərib, seçib və burada əyləşdiribdir. Bizim bir nömrəli vəzifəmiz bizi seçib buraya göndərən insanları nəzərə almaqdır. Burada hər kəsin hərəkəti, hər kəsin danışığı hay-küylə, hansısa bir ambisiya ilə yox, o insanlara xidmət etməklə ölçülür. Bu bir tarixdir, tarixi hadisədir, tarixi etapdır. Buna görə də mən arzu edirəm ki, burada olan deputatlar bu tarixi etapı qardaşcasına, dostcasına, səmimiyyətlə keçsinlər. Gəlin unutmayaq ki, bizim bir nömrəli vəzifəmiz müstəqil dövlətimizə xidmət göstərməkdir.
Bizim baş xəttimiz məlumdur. Böyük öndər, ümummilli lider Heydər Əliyevin bizim üçün əmanət qoyub getdiyi dövlətçilik, azərbaycançılıq, xalqa, vətənə, torpağa münasibət ideyaları bu Məclis tərəfindən axıra qədər davam etdirilməlidir. Mən arzu edirəm ki, Milli Məclisimiz mənim bu arzularımı nəzərə alsın.
Əgər imkan varsa, təkid etmirlərsə, biz səsə qoyaq, iş planını təsdiq edək. Təklif olunan məsələlər, yəqin ki, gələcəkdə nəzərə alınıb müzakirəyə çıxarıla bilər. Bizim səlahiyyətlərimiz var ki, bu məsələləri tənzimləyək. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fəttah müəllim. Bahar Muradova. Sonra təkid edən olmasa, səsə qoyarıq.
B. Muradova. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının başlanması münasibətilə hər birinizi təbrik edirəm! Arzu edirəm ki, qanunvericilik işləri planında olan və bundan sonra qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olacaq layihələr bizim tərəfimizdən çox səmərəli müzakirə olunsun və qəbul edilsin, xalqımızın, dövlətimizin həyatının müxtəlif sahələrinin tənzimlənməsi üçün istifadə olunsun.
Mən həmkarlarımızın bir sıra təklifləri ilə razıyam. Siyavuş Novruzovun, Fəzail Ağamalının və başqalarının təklifləri mənim təkliflərimlə üst-üstə düşdüyü üçün onları təkrarlamaq istəmirəm. Sadəcə, bir məsələni qeyd etmək istəyirəm. Bizim hər birimiz millətimizin, onun mədəniyyətinin inkişafını gözü götürməyənlərin bizə qarşı olan addımlarını və səylərini daim bilirik və bu haqda ürək ağrısı ilə danışırıq. İstər Gürcüstanda, istərsə də Ermənistanda tarixi yer adlarının, coğrafi adların dəyişdirilməsi, başqalaşdırılması və özgəninkiləşdirilməsi ilə bağlı addımların da günbəgün şahidiyik. Bu proseslər elə bu gün də davam etməkdədir. Mən hal-hazırda Ermənistanda bizim tarixi yer adlarımızın tamamilə dəyişdirilməsi məsələsi ilə bağlı narahatlığımı ifadə edirəm və bu istiqamətdə beynəlxalq prinsiplərə uyğun addımlar atılmasını vacib hesab edirəm.
Məlumatıma görə, vaxtilə Azərbaycanda müvafiq icra orqanları tərəfindən Milli Məclisə Coğrafi adların standartlaşdırılması haqqında qanun layihəsi təqdim olunubmuş. Belə bir qanun layihəsi bütün ölkələr tərəfindən qəbul olunur. Həmin qanuna əsasən hər hansı ölkənin bütün coğrafi adları tarixən və bu gün hansı səviyyədədirsə, təsdiqlənir və Birləşmiş Millətlər Təşkilatının bu işlə məşğul olan müvafiq qurumuna göndərilir. Bundan sonra hansısa qonşu ölkənin, hansısa təcavüzkar ölkənin nümayəndələrinin hansısa yer adının dəyişdirilməsi ilə bağlı addımları dərhal Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumu tərəfindən rədd edilir. Bu proses bu gün də davam etdiyi üçün, mən hesab edirəm ki, yaz sessiyasının qanunvericilik işləri planına Coğrafi adların standartlaşdırılması haqqında qanun layihəsi daxil edilməlidir. Biz bütün tarixi Azərbaycan torpaqlarında olan adlarımızı bir daha təsdiqləməli və bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının Şərqi Avropa, Şimali və Orta Asiya regionu üzrə bölməsinə göndərilməlidir. Ondan sonra Ermənistan ərazisində, yaxud digər qonşu dövlətlərin ərazisində hansısa adların dəyişdirilməsi ilə bağlı məsələ ilə əlaqədar biz Birləşmiş Millətlər Təşkilatına müvafiq müraciət göndərə bilərik. Hesab edirəm ki, bu qanunun qəbulu vacibdir və biz bunu nəzərdə tutmalıyıq.
Mən də burada səslənən bir-iki məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Məni çox sevindirdi ki, bizim parlamentə gələn yeni həmkarlarımız deputatlıq fəaliyyətinə dair qanunların bütün müddəalarını çox yaxşı öyrəniblər. Yaxşı tələblər irəli sürürlər ki, onların hüquqları pozulmasın. Çox yaxşı, mən bunu qəbul edirəm. Çünki ilk növbədə hüququ bilmək lazımdır ki, vəzifənin nədən ibarət olduğunu anlayasan. Mən inanıram ki, bu gün öz hüquqlarının qorunması istiqamətində tələb qoyan həmkarlarımız sabah öz vəzifələrini də düzgün dərk edəcək və öz üzərlərinə düşən vəzifələri yerinə yetirərkən də bu müddəalara əməl edəcəklər.
Bu gün səhər iclas başlayarkən Pənah Hüseynin bizim rəyasət heyətinə təqdim etdiyi müraciətlə bağlı məlumat vermək istəyirəm. Kimlərsə düşünə bilər ki, görəsən, bu nə ilə bağlıdır. Sadəcə, Pənah Hüseyn özünün sorğu vermək hüququndan, təşəbbüs hüququndan istifadə edərək Zakir Qaralova Elmar Hüseynovun qətlinin araşdırılması ilə bağlı bir müraciət, sorğu ünvanlayıb. Nədənsə ünvanı səhv salıb, həmin sorğunu rəyasət heyətinə təqdim edib. Ona görə mən buradan müraciət edirəm Pənah Hüseynova ki, həmin sorğunu aidiyyəti üzrə göndərsin. Əks təqdirdə biz istintaqın gedişi ilə bağlı hər hansı konkret məlumat verə bilməyəcəyik. Mən əminəm ki, bu da onun böyük qəlb ağrısına səbəb olacaqdır. Fikrimi burada tamamlamaq istəyirəm. Bu sessiyanın işinə uğurlar arzulayıram.
Sədrlik edən. Çox sağ olun, Bahar xanım. Çıxışlara təkid edən varmı? 3 yoldaş təkid edir. Əli Məsimli.
Ə. Məsimli. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Yaz sessiyasının başlanması münasibətilə hamınızı təbrik edib işinizdə uğurlar arzulayıram!
Təqdim olunan plan kifayət qədər mühüm qanunları əhatə edir və həmin qanunların qəbul edilməsi hüquqi bazanın möhkəmlənməsində mühüm rol oynayacaq. Amma mən indi ona görə söz aldım ki, seçicilərimin müraciətlərini burada səsləndirim. Aldığım məktubların xeyli hissəsi batmış əmanətlərin qaytarılması ilə bağlıdır. Maliyyə naziri aprel ayında qanun layihəsinin parlamentə təqdim ediləcəyi barədə artıq məlumat verib. 2006-cı ilin büdcəsində isə bilavasitə bu məsələ ilə bağlı vəsait ayrılıb. Ona görə də həmin qanun layihəsinin gündəliyə salınmasını vacib hesab edirəm.
İkinci məsələ ondan ibarətdir ki, millət vəkillərinin qanunvericilik təşəbbüsü ilə bağlı bir təşəbbüs irəli sürmüşük. Bu iş planına Təhsil haqqında qanun daxil olub. Onunla paralel surətdə bir sıra qanunların da qəbul edilməsinə ehtiyac var. Mən artıq komissiyanın sədri cənab Səmədzadəyə təhsil kreditləri haqqında qanunun müzakirəsi ilə bağlı müraciət etmişəm. Əgər imkan olsa, bu qanun layihəsinin də gündəliyə salınmasına köməklik edərsiniz.
Üçüncü müraciətdə ciddi məsələ ondan ibarətdir ki, bu gün həmkarlar təşkilatının yaranması istiqamətində işlər gedir və işə götürənlə işçi arasında münaqişələr getdikcə artır, amma həmkarlar təşkilatları bu prosesə təsir göstərə bilmirlər. Ona görə də mənə olan müraciətlərlə əlaqədar mən Sizin poçtunuza bir material göndərmişdim, yəqin ki, çatıb. Əgər çatmayıbsa, mən yenidən onu göndərə bilərəm. İşçilərin qanunsuz olaraq işdən çıxarılması ilə bağlı məsələlər mürəkkəbləşdiyinə görə Əmək Məcəlləsinə həmkarlar təşkilatının bu məsələdə rolunun artırılması ilə əlaqədar əlavələrin edilməsini vacib hesab edirəm.
Növbəti ciddi məsələ Avropa Parlamentində qəbul edilən qətnamədir ki, bunun üstündən keçsək, Azərbaycana qarşı növbəti, daha ciddi qətnamələr olar. Heç olmasa, parlament bu məsələyə münasibət bildirməlidir.
Avropa Parlamenti həm Avropa Birliyinə, həm də yeni qonşuluq siyasətinə daxil olan ölkələrlə, Baltikyanı ölkələrlə, Gürcüstanla parlamentin fəaliyyətinə, parlament islahatlarına dəstək kimi layihələr yerinə yetirir. Avropa Parlamenti ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində ciddi işlər görməkdən ötrü belə bir layihənin Azərbaycan parlamenti ilə əlaqəli həyata keçirilməsini vacib hesab edirəm. Mənim fikrimcə, burada göstərilən bir sıra qanun layihələrinin, məsələn, Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında, Təhsil haqqında, Elm və dövlət elmi-texniki siyasəti haqqında qanun layihələrinin ilkin müzakirələrində İqtisadiyyat komissiyasının da iştirak etməsi vacibdir.
Digər ciddi məsələ. Biz həm yeni qanunlar qəbul edirik, həm də qanunlara əlavələr edirik. Heç kimə sirr deyil ki, o qanunları hazırlayan müəlliflər mənsub olduqları təşkilatın maraqlarını daha üstün tuturlar. Ona görə də bu problemi həll etməkdən ötrü maraqlı təşkilatların hamısının nümayəndələrindən ibarət işçi qruplarının, komissiyaların yaradılması və komissiyalarda bilavasitə müzakirələr zamanı daha mükəmməl surətdə ortaq məxrəcə gəlməkdən ötrü bu komissiyaların gücündən istifadə edilməsi üçün parlamentin sədri kimi göstəriş verməyinizi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Çıxış üçün təkid edən yoxdur ki? Buyurun.
Ş. Hacıyev. Çox sağ olun, hörmətli Oqtay müəllim. Mən də yaz sessiyasının başlanması münasibətilə burada səslənən təbriklərə qoşularaq, Sizə və bütün deputatlara uğurlar arzu edirəm.
Hörmətli Oqtay müəllim, Siz yaxşı bilirsiniz ki, bu gün cəmiyyətimizin bütün sahələrində olduğu kimi, təhsil sahəsində də çox ciddi dəyişikliklər baş verir, islahatlar həyata keçirilir və artıq bəzi uğurlu nəticələr də var. Lakin buna baxmayaraq, çox doğru deyildi ki, bu gün təhsilimizdə hələ çox problemlər öz həllini gözləyir.
Təhsil sahəsində, məsələn, qanun boşluğunun olması çox ciddi bir problem kimi qarşımızda dayanır. Ona görə də elə ilk gündən etibarən Elm və təhsil məsələləri daimi komissiyası öz fəaliyyətində Təhsil haqqında qanun layihəsinin hazırlanmasına böyük diqqət yetirir. Mən deyərdim ki, indi bu iş elə qanun layihəsinin hazırlanması səviyyəsindədir. Ona görə də mənim bu gün qanun haqqında, onunla bağlı ayrı-ayrı problemlər haqqında heç bir açıqlama vermək ixtiyarım da yoxdur.
Lakin mən tam məsuliyyətlə deyə bilərəm ki, bu günə qədər verdiyim müsahibələrdə yalnız qanunun vacibliyi, aktuallığı haqqında, ona cəmiyyətimizdə çox ciddi sosial sifarişin olması haqqında danışmışam. Qanunun mexanizmi haqqında, ayrı-ayrı bəndləri, maddələri haqqında açıqlama verməmişəm. Yalnız bir dəfə mən aspiranturanın ləğv olunması yox, doktorantura ilə əvəz olunması fikrini ifadə etmişəm.
Bütün dünyada belədir. Bilirsiniz ki, biz Avropaya inteqrasiya olunuruq, təhsilimiz inteqrasiya olunur. Avropada aspirantura adında bir kəlmə də yoxdur. Bu yalnız MDB məkanındadır, yəni keçmiş SSRİ məkanına daxil olan ölkələrdə bu sistem qalmaqdadır. Siz bilirsiniz ki, təhsilimiz modernləşdirilir, Bolonya Konvensiyasına artıq imza atmışıq və 2010-cu ildə biz bu prosesi başa çatdırmalıyıq. Ona görə də biz Avropa təhsilinin, yəni bu gün dünyada elmin, təhsilin ən aparıcı istiqamətlərini müəyyən edən ölkələrin standartlarını, normalarını, qanunlarını Azərbaycana gətirməli, başqa sözlə desək, öz qanunvericilik bazamızı onlara uyğunlaşdırmalı, Avropa təhsilinə inteqrasiya etməliyik. Buna görə də yeni qanun layihəsində bu məsələlər çox ciddi qoyulub və bunlar nəzərə alınmalıdır. Bunu kiminsə iradəsinə görə etmirik, bu, həyatın tələbidir.
Təhsilin kiminsə iradəsinə tabe olması fikrinə gəlincə, mən tam məsuliyyətlə demək istəyirəm ki, yeni Təhsil qanunu hansısa məmurun və ya qurumun mənafeyinə deyil, milli təhsil sistemimizin inkişafına, tərəqqisinə, modernləşdirilməsinə xidmət edəcəkdir.
Hörmətli Oqtay müəllim, bilirsiniz ki, 10 ildən artıqdır, Təhsil qanununun üzərində iş gedir. Biz bu gün bizdən əvvəl görülmüş işlərin üzərinə kölgə salmaq və ya görülən işlərin üstündən xətt çəkmək fikrində deyilik. Müəyyən işlər görülüb. Lakin hörmətli deputatlar gözəl bilirlər ki, həmin qanun layihəsi Milli Məclisin ilk müzakirəsinə 5 il bundan əvvəl təqdim olunub. Bu müddət ərzində isə nəinki təhsil sistemimizdə, eləcə də iqtisadiyyatımızda və sosial həyatımızın bütün sahələrində, elə dünyanın özündə də ciddi dəyişikliklər baş verib. Bolonya prosesinin bu qədər ciddi vüsət alması yalnız unifikasiya ilə əlaqədar deyil. Avropa təhsili, Avropa elmi bu gün dünyanın ən aparıcı ölkələri sayılan Amerika və Yaponiya təhsilindən, Yaponiya texnologiyasından ən azı 10 ildən çox geri qalır. Buna görə də əgər Avropa bu işə gedirsə, dünyanın elmi, təhsili hansı istiqamətdə, hansı meyllərdə gedirsə, biz də təhsilimizi bu gündən...
Sədrlik edən. Çox sağ olun, Şəmsəddin müəllim. Sabir Rüstəmxanlının təklifi var. Buyurun.
S. Rüstəmxanlı. Hörmətli Sədr, mən də yaz sessiyası üçün təklif olunan qanun layihələrinin müzakirəsinin tərəfdarıyam və hesab edirəm ki, burada kifayət qədər gərəkli qanun layihələri var. Eyni zamanda, bir neçə əlavə təklifimi də bildirmək istəyirəm. Bunun birini Azərbaycan Hüquqşünaslar Forumu təklif edib və mən onların xahişini yerinə yetirirəm. Onlar Azərbaycanda bu gün vətəndaşların hüquqlarının müdafiəsi sahəsində müəyyən səmərəliyi, fəallığı artırmaq məqsədi ilə dünyanın bir sıra ölkələrində mövcud olan təcrübədən çıxış edib və Məclisə Detektiv fəaliyyət haqqında qanun layihəsi təklif ediblər. Bu layihənin müzakirəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatları, sonra Milli Təhlükəsizlik Nazirliyinin, beynəlxalq təşkilatların, səfirliklərin, habelə hüquq mühafizə orqanlarının əməkdaşları iştirak eləyiblər. 8 səhifəlik bir qanundur və mən təklifdən sonra bunu Sizə verəcəyəm. Çox istəyərdim ki, yaz sessiyasında bu qanun layihəsi müzakirə olunsun.
Azərbaycanda məmur özbaşınalığı əleyhinə bizim qanunlarımız var. Amma mən çox istərdim ki, bizdə məmur özbaşınalığı sahəsində indi mövcud olan vəziyyətin qarşısını almaq üçün hər hansı bir şəkildə qanunun gücündən istifadə eləyək. Bayaq biz deputat yoldaşlarla müzakirə eləyirdik. Ən xırda idarələrdə vətəndaşa əhəmiyyət verilmir. İcra hakimiyyəti nümayəndələri millət vəkillərinin hətta zənglərinə cavab vermirlər. Mənim özümdən söhbət getmir. Mənə də deyirlər, bilirsiniz, Sizə yazıçı kimi böyük hörmətimiz var. Başqa deputatlar gəlir, biz heç onları qəbul eləmirik. Bu şəkildə danışırlar. Adi mənzil idarəsindən tutmuş... Bu bizim vətəndaşlarımızdır. Nə qədər bunlar əziyyət çəkirlər. Məktubuna cavab almır, telefonla müraciətinə cavab almır. Bunu hansı bir şəkildəsə qanunla tənzimləmək lazımdır.
Mən bir məsələni də deyim. Biz Ana dili haqqında qanun qəbul eləmişik. Amma çıxın Bakının küçələrinə, görün, Bakı küçələri, meydanları Avropa şəhərindən, Amerika şəhərindən fərqlənir, ya yox? Bəyənmədiyimiz Türkmənbaşı Türkmənistanda, Aşqabadda imkan vermir, küçələrdə bir dənə xarici ad reklam əvəzinə yazılsın. Qanuna görə bizdə bütün yazılar ana dilində yazılmalı və xarici dildə yazılan ondan kiçik olmalıdır. Azərbaycanda, Bakıda onlarla dükana girib görürsən, Azərbaycan dilində bir dənə yazı yoxdur. Ona görə də bu məsələni tənzimləyən o qanunda yenə bir dəyişiklik eləməliyik ki, məsuliyyət artsın.
Oqtay müəllim, bu il Xocalı soyqırımının dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılması sahəsində Milli Məclis deputatlarının fəaliyyəti haqqında verdiyiniz məlumatı dinlədim. Təəssüflənirəm ki, bu sahədə bizim başqa deputat yoldaşların gördüyü işləri Siz ya izləmirsiniz, ya da bəlkə bizim günahımızdır, Sizə çatdırmırıq. Çünki Türkiyədə Sizin dediyiniz Ankara və İzmirlə yanaşı, İstanbulun Taksim meydanında mənim iştirak elədiyim çox böyük bir mitinq keçirildi. Biz bu mitinqləri Dünya azərbaycanlılarının Konqresi ilə bərabər Avropanın bir sıra şəhərlərində təşkil eləmişdik. İstanbulda Türkiyənin 4 televiziyası ilə o meydandan mənim çıxışımı birbaşa verdilər. TRT-də Qarabağ məsələsi ilə bağlı 1 saat 20 dəqiqəlik çıxış elədim. Hesab eləyirəm ki, Sizin ezamiyyət verib göndərdiyiniz deputatlar böyük iş görüblər. Amma hər halda biz də öz cibimizin pulu ilə də getsək, bu işləri görmüşük. Xahiş edirəm, gələcəkdə bunu nəzərə alın. Millət vəkilləri arasında ögey-doğmalıq edilməsin. Biz bu işi görürüksə, eyni statusla gedək, hamı üçün eyni şərait yaradılsın və burada məlumat hamı haqqında eyni şəkildə verilsin. Çox sağ olun.
Sədrlik edən. Mən çox təəssüf edirəm ki, Siz rəhbərlik tərəfindən millət vəkillərinə münasibətdə ögey-doğmalığa yol verildiyini düşünürsünüz. Siz əgər belə işlər görmüsünüzsə, hesabat verməli idiniz, deməli idiniz, biz bilməli idik. Heç kim ezamiyyət puluna getməyib. Gedənlərin çoxu öz şəxsi hesabına gedib. Kömək də olub, gediblər. Belə sözlər artıqdır. Kim nə iş görübsə, reklam üçün görməyib, milləti üçün, xalqı üçün görüb. Mən haradan bilim, Siz İstanbulda hansı televiziyada nə çıxış eləmisiniz? Bunu deməlisiniz, bilməliyik. Gələcəkdə də, - bu bütün deputatlara aiddir, - kim məzuniyyətə getdi, nə iş gördüsə, bir balaca hesabat yazıb Milli Məclisə, Aparata versin ki, biz bilək, hansı millət vəkili getdi, nə iş gördü. Ona görə bu məsələdə günah Sizin özünüzdədir. Bəzi suallar oldu. O suallara komissiya sədri kimi Ziyafət müəllim cavab verər və məsələni səsə qoyarıq.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Mən də öz növbəmdə yaz sessiyasının başlanması münasibətilə sizin hamınızı təbrik eləyir və deyilən təbriklərə qoşuluram. Bəzi məsələlər burada səsləndirildi. Öz münasibətimi bildirmək istəyirəm.
Burada “Hərbi çağırışın əsasları haqqında” Qanuna dəyişikliklər edilməsi barədə fikir səsləndi. Bu fikir yeni deyil. Bizim mətbuatda, bilmirəm, hansı səbəbdən bu məsələ həddindən artıq şişirdilib. İki il bundan əvvəl biz qanuna müvafiq olaraq 27 yaşı 35 yaş ilə əvəz elədik. Bunun mənası ondan ibarət idi ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə görə kişi cinsindən olan hər bir Azərbaycan vətəndaşı hərbi xidmət keçməlidir. Çox təəssüf ki, bu yaş həddi 27 yaş olanda bəzi insanlar bundan sui-istifadə edərək 27 yaşdan sonra artıq hərbi xidmət keçmir, yəni konstitusion borcunu yerinə yetirmirdilər. Biz bunu ona görə eləmişik ki, hər bir Azərbaycan vətəndaşı Konstitusiyada müəyyən olunmuş borcunu yerinə yetirsin. Və bir şeyi də nəzərə alın. Hələ nə müharibə qurtarıb, nə də sülh bağlanıb. Ona görə də bu gün bu məsələnin qaldırılmasının özünün mahiyyətini mən dərk eləyə bilmirəm. Bu məsələlər mətbuatda nə məqsədlə müzakirə olunur?
Digər bir məsələ Gürcüstanda yaşayan soydaşlarımızın vəziyyəti ilə bağlıdır. Fevral ayının əvvəlində bizim böyük bir nümayəndə heyəti, hörmətli deputatlarımız Gürcüstanda oldular. Orada Marşal mərkəzinin xətti ilə böyük bir konfrans keçirilirdi. Amma eyni zamanda, biz fürsətdən istifadə eləyib Gürcüstanda olan müəyyən insanlarla, Gürcüstan rəhbərliyi ilə, Gürcüstan parlamentinin sədri ilə, Baş nazirlə, Gürcüstan parlamenti sədrinin müavinləri ilə görüşdük. Xarici işlər nazirinin özü Gürcüstanda yox idi, onun müavini ilə görüşdük. Və təbii ki, Marneuli rayonunda olduq. Mən sizə açığını deyim. Bəli, Gürcüstanda bu gün problemlər, xüsusilə soydaşlarımızı narahat eləyən problemlər var.
Bir nömrəli problem, əlbəttə, torpaq problemidir. Biz bütün instansiyalarda bu məsələni qoyduq. Onlar həmişə bizə izah eləyiblər ki, torpaq islahatının kökü əvvəldən düzgün qoyulmayıb. Bu proses 1996-cı ildən, yəni köhnə rəhbərliyin vaxtından başlayıb. O vaxtdan bu proses düzgün getməyib. Düzgün getmədiyinə görə də indi öz fəsadlarını verir. Bu fəsadın da qurbanı bizim soydaşlarımızdır. Nə eləyək, vəziyyətdən nə cür çıxaq? Orada müxtəlif fikirlər səsləndi. Dedilər ki, məhkəməyə müraciət etsinlər. Mən parlamentin sədri ilə danışdım. Deyir ki, məhkəməyə müraciət eləsinlər. Deyirəm, yaxşı, məhkəməyə müraciət elədi, bu şəxs torpağı özəlləşdirib, əlində mülkiyyət aktı var. Məhkəmə bunu nə üçün ləğv eləsin? Siz ha deyin ki, bu, qanunsuzdur. Bu deyir ki, mənim əlimdə sənəd var. Ona görə bu məsələyə parlamentdə yenidən baxılmalı, qanun dəyişdirilməlidir ki, bu camaat da incidilməsin, əziyyət çəkməsin.
Təkcə torpaq problemi deyil. Məsələn, Tbilisidə bir Azərbaycan məktəbi var. Yeganə Azərbaycan məktəbidir. Maddi-texniki vəziyyəti yaxşı deyil. Orada çalışan müəllimlər çox az maaş alırlar. Düzdür, Gürcüstanda, ümumiyyətlə, maaş azdır. Yəni desək ki, bu məhz azərbaycanlılara şamil edilir, bu da ədalətsizlik olar, düzgün olmaz. Amma mən çox istərdim, Gürcüstanda olan yeganə Azərbaycan məktəbini Azərbaycan öz himayəsinə götürsün. Bəlkə biz hansı xətləsə onlara kömək eləyək. Çünki dərsliklərlə biz onsuz da onlara kömək eləyirik. Ola bilər ki, maddi cəhətdən də onlara yardım edək.
Nəhayət, Gürcüstanda kadr məsələsi. Orada çox şikayətlər oldu. Bizim soydaşlarımız məsələ qoydular ki, bizi Gürcüstanın dövlət orqanlarında işə qəbul eləmirlər. Tamamilə haqlı narazılıqdır. Doğrudan da, belədir. Gürcüstan parlamentində 3 azərbaycanlı deputat var, 6 erməni deputat var. Amma burada bir məsələ var. Günahın yarısını o biri tərəfdə görəndə yarısını da gərək özümüzdə axtaraq. Biz bu məsələni Gürcüstanın müəyyən rəhbər orqanları qarşısında qaldıranda bizə dedilər ki, azərbaycanlılar gürcü dilini bilmirlər. Doğrudan da, orada bu problem var. Bu gün Azərbaycan məktəblərində gürcü dili tədris olunur. Amma gürcü dili fənninə fakültativ məşğələ kimi baxırlar. Onu öyrənmək fikirləri yoxdur, ya da öyrənən çox azdır. İndi mən də soydaşlarımız qarşısında sual qoyuram. Ay qardaş, Amerika Birləşmiş Ştatlarında ingilis dilini bilməyən vətəndaş deputat ola bilər, yaxud departamentdə işləyə bilər? Yox. Rusiyada rus dilini bilməyən adam dövlət orqanlarında işləyə bilər? Yox. Azərbaycanda Azərbaycanın dövlət dilini bilməyən adam Azərbaycan parlamentində işləyə bilər? Yox. Bunu öyrənmək lazımdır. Bütün günahları o tərəfə yıxmaq da düz deyil. Özümüzdə də təpər olmalıdır axı. Təsəvvür edin ki, məsələn, ermənilərin yaşadığı zonada ermənilər gürcü dilini ana dili kimi öyrənirlər. Özümüzdə də bir balaca təpər olmalıdır.
Amma mən yenə deyirəm, deputat həmkarlarım buradadırlar. Təsdiq eləyərlər. Mən nəyi sezdim? Hiss elədim ki, Gürcüstanda rəhbər orqanlarda işləyən insanlar bu problemlərin çözülməsini istəyirlər və bunda maraqlıdırlar. Amma bunun müəyyən çətinlikləri var. Hər halda bizə söz verdilər ki, biz bütün bu məsələləri cənab Saakaşviliyə çatdıracağıq. Doğrudan da, biz oradan gələndən bir həftə sonra Saakaşvili Marneuliyə gəldi. İndi baxaq görək, vəziyyət necə dəyişəcək. Bakıya qayıdandan sonra da mən parlamentin iki müavini - Moçevariani və İonoşvili ilə əlaqə saxlamışam. Onlar da söz verirlər ki, məsələ nəzarətdədir. Bu məsələlərin hamısı bütün instansiyalarda bizim də iqtidarın nəzarətindədir. Onlar da söz veriblər. Baxaq görək, nəticəsi necə olacaq.
Və nəhayət, burada bir məsələ qaldırıldı. Sosial-iqtisadi inkişafın burada müzakirə olunması. Qanunvericilik təşəbbüsü. Mən üzr istəyirəm, təzə gələn deputatlar, ola bilsin, bu məsələləri yaxşı bilmirlər. Bizim Konstitusiyamızda bunlar hamısı nəzərdə tutulubdur. Deputatın qanunvericilik təşəbbüsü var. Sadəcə olaraq, Pənah Hüseynova mən çatdırmaq istəyirəm ki, bu iş planında, - siz fikir verin, - cənab Prezidentdən, digər qanunvericilik təşəbbüsü subyektlərindən gələn sənədlərin qabağında heç bir sənəd yoxdur. Yəni bunlar gözlənilə bilən sənədlərdir. Amma qalan o 23 məsələ ki var, onu artıq deputatlar, yəni komissiyalar üzə çıxarırlar. Yəni onu əlavə eləməyin yeri yoxdur.
Və nəhayət, sosial-iqtisadi problemlər. Bunlar bizim səlahiyyətimizə aid olan məsələlər deyil. Biz yalnız büdcəyə nəzarət eləyə bilərik. Azərbaycan Milli Məclisinin xüsusi orqanı - Hesablama Palatası var və bu Hesablama Palatası büdcəyə nəzarət eləyir. Hesablama Palatası haqqında qanun var və bu orqan da həmin qanun əsasında fəaliyyət göstərir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli deputatlar, gündəliyin bu məsələsi üzrə müzakirədə belə fəal iştirak elədiyinizə görə sizə minnətdarlığımı bildirirəm. Ziyafət müəllim bəzi məsələləri dedi. Bu sessiyadan qabaq bizim ay yarım vaxtımız oldu. Millət vəkilləri komissiyada işlədilər, qanunvericilik təşəbbüsündən istifadə elədilər, bu yaz sessiyasının planını hazırladılar. Ancaq bugünkü çıxışlarda da maraqlı təkliflər var idi. Biz istərdik ki, bu təşəbbüs ilə çıxış eləyən deputatlar o təkliflərini Aparata təqdim etsinlər və onlara komissiya sədrləri ilə bir yerdə baxılsın. Gələcəkdə biz onları Milli Məclisin gündəliyinə salmaq üçün iclasa çıxararıq. Xahiş edirəm, məsələyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 89
Əleyhinə 2
Bitərəf 2
Səs vermədi 1
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin növbəti 10 məsələsi qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim olunan sazişlərdir. Mən təklif edirəm, biz bu sazişlərə qruplar şəklində baxaq. Gündəlikdə olan 6-cı, 7-ci, 8-ci məsələləri bizə monitorda göstərmək istəyirlər. Bu, Valeh müəllimin təklifidir. Saxlayaq, tənəffüsdən sonra monitora vurulsun. Əyani izahat veriləcək.
Onun ardınca gələn məsələlərə keçək. 9-cu məsələ. Azərbaycan Respublikası Prezidenti və Latviya Respublikası Prezidenti arasında Birgə Bəyannamənin təsdiq edilməsi haqqında. Söz verilir Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidova.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İcazə verin, Azərbaycan Respublikası Prezidenti və Latviya Respublikası Prezidenti arasında Birgə Bəyannamənin təsdiq edilməsi ilə bağlı komissiyamızın fikrini sizə çatdırım.
Bu fikri çatdırmamışdan əvvəl bir məsələyə sizin diqqətinizi cəlb eləmək istəyirəm. Bu məsələ artıq Oqtay müəllimin açılış nitqində öz əksini tapdı. Hörmətli millət vəkillərinin bəziləri çıxış edərək Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı münasibətlərini bildirəndə təklif verdilər ki, Azərbaycan parlamenti bu məsələyə hansısa bir reaksiya versin. Mən demək istəyirəm ki, bu reaksiya verilib və artıq öz ünvanına çatdırılıb. Birincisi, Oqtay müəllim öz çıxış nitqində bu məsələlərə ayrıca bir yer ayırmışdı. İkincisi, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası bununla bağlı ayrıca bir iclas keçirmişdir. Üçüncüsü, Avropa Birliyindən Azərbaycana gəlmiş, Azərbaycan-Avropa Birliyi münasibətlərini müzakirə edən nümayəndə heyətinə millət vəkillərinin bu qətnamə ilə bağlı fikirləri konkret olaraq çatdırılmışdır. Avropa Birliyinin nümayəndə heyətinin rəhbəri, cənab Qraham Uatsona bu məsələlər tam açıqlığı ilə çatdırılaraq bəyan edilmişdir ki, Azərbaycan-Avropa, Azərbaycan-Avropa Birliyi münasibətlərinə xələl gətirə biləcək bir sənədin qəbul olunması biz tərəfdən qəbulolunmazdır. Avropa Parlamentinin bəzi deputatları qeyri-konstruktiv mövqe göstərərək buna səs veriblər. Ancaq Azərbaycan parlamenti də öz münasibətini bu şəkildə, konkret şəkildə bildirmişdir.
Açıq demək lazımdır ki, vaxtında göstərilmiş reaksiya öz bəhrəsini verir. Bu gün Avropa Parlamentindən aldığımız məlumatlardan görünür ki, Avropa Parlamenti Azərbaycanı narahat edən, Azərbaycan-Avropa Birliyi münasibətlərinə hansısa problemlər yaradan məsələlərdə bundan sonra ciddi olacaq və araşdırmalarda Azərbaycanın mövqeyi də mütləq nəzərə alınacaq.
Milli Məclis Sədrinin müavini hörmətli Valeh müəllim Avropa Birliyində bizim nümayəndə heyətinin rəhbəri kimi artıq öz fəaliyyətinə başlamışdır və məhz Valeh müəllimin təklifinə əsasən gələcəkdə Avropa Şurası, Avropa Birliyi, ATƏT və başqa beynəlxalq təşkilatlarda təmsil olunan millət vəkillərimiz, Xarici İşlər Nazirliyinin, bu işlə məşğul olan qeyri-dövlət təşkilatlarının nümayəndələri birgə fəaliyyətin təşkil olunması və Azərbaycanın maraqlarının müdafiə olunması ilə bağlı mövqelərini bizim komissiyanın iclaslarında açıq müzakirə edərək bütün beynəlxalq təşkilatlara çatdıracaqlar. Yenə deyirəm, Azərbaycan parlamentinin bununla bağlı konkret reaksiyası Avropa Birliyinə çatdırılmışdır.
İndi isə icazə verin, komissiyamızda bu Bəyannamə ilə bağlı müzakirələrin nəticələrini nəzərinizə çatdırım. Azərbaycan Prezidentinin və Latviya Prezidentinin Birgə Bəyannaməsi bizim üçün həddindən artıq vacib və əhəmiyyətli bir sənəddir. Mən sizin diqqətinizə bəzi məsələləri burada çatdırmaq istəyirəm. Misal üçün, tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərini, ATƏT-in əsas sənədlərini tam dəstəkləyərək və onları rəhbər tutaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığına hörmət və riayət edilməsi əsasında sülh yolu ilə həll edilməsinin vacibliyini bəyan edirlər. Bu bizim üçün həddindən artıq vacib bir məsələdir. Ümumiyyətlə, Baltikyanı dövlətlərlə münasibətlərimizin genişləndirilməsi bizim üçün çox vacib və əhəmiyyətlidir.
Düşünürəm ki, burada biz Azərbaycan Respublikasının Prezidenti ilə Latviya Respublikasının Prezidenti arasında imzalanmış Birgə Bəyannamə haqqında danışarkən parlamentin bu istiqamətdə gördüyü işlərdən də xəbər verməliyik. Misal üçün, Milli Məclisin Azərbaycan-Latviya dostluq qrupu çox fəal işləyir. Bu yaxınlarda biz Azərbaycan-Litva dostluq qrupunun iclasını keçirmişik. Biz planlaşdırmışıq ki, Azərbaycan-Estoniya dostluq qrupunun işini daha yüksək səviyyəyə qaldıraq. Ona görə burada Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri kimi bütün dostluq qruplarının rəhbərlərindən xahiş edirəm ki, ikitərəfli münasibətlərdə Azərbaycanın maraqlarını yüksək səviyyədə təmsil etmək üçün daha yüksək fəallıq göstərsinlər. Bu bizim üçün çox vacib və əhəmiyyətlidir. Ona görə komissiyamız belə bir bəyannamənin bu gün Milli Məclisdə təsdiq olunmasına tam tərəfdar çıxmışdır. Mən xahiş edirəm ki, siz bu bəyannamənin təsdiq edilməsinə səs verəsiniz. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 2
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Gündəliyin o biri məsələsinə keçirik. “Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və həmin Konvensiyanın Protokolunun təsdiq edilməsi barədə. Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Hörmətli Səməd müəllim Azərbaycan-Latviya münasibətlərinin aktuallığını, vacibliyini vurğuladı. İki ölkə başçısının imzaladığı bəyannamə əsas verir ki, Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında iqtisadiyyatın bütün istiqamətlərində əməkdaşlıq imkanları genişlənsin.
“Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya. Mən keçən dəfə Milli Məclisin iclasında, ümumiyyətlə, bu konvensiyaların əhəmiyyəti, mahiyyəti, strukturu, maddələri haqqında məlumat verdim. Vaxtınızı çox almaq istəmirəm. Bir daha bildirmək istəyirəm ki, ikiqat vergitutma ölkələr arasında iqtisadi münasibətlərin inkişafına mane olur. Həmin Konvensiyada iki dövlət arasında ikiqat vergitutmanın aradan qaldırılmasının şərtləri, istiqamətləri, subyektləri müəyyən edilir. Belə bir sazişin qəbul edilməsi, heç şübhəsiz ki, Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında iqtisadi əlaqələrin inkişafına, sərmayə qoyuluşunun inkişafına, investorların hüquqlarının qorunmasına imkan verəcəkdir.
Əgər ehtiyac varsa, mən bu barədə daha ətraflı məlumat verə bilərəm. Ancaq mən keçən dəfə sizə bu barədə çox ətraflı məlumat vermişdim. Komissiyanın iclasında bu qanun layihəsi yekdilliklə qəbul edilmişdir. Milli Məclisin üzvlərindən xahiş olunur ki, bu qanun layihəsinə öz münasibətlərini bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Bu layihəyə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında da baxılmışdır. Səməd müəllim də öz fikrini bildirsin.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Mən hörmətli Ziyad müəllimlə tamamilə razıyam. Məhz siyasi cəhətdən imzalanmış bu bəyannamənin nəticəsidir ki, bu gün biz Azərbaycan-Latviya iqtisadi münasibətlərinə belə təkan veririk. Ona görə komissiyamızda bu məsələ müzakirə olunarkən ona yekdilliklə müsbət münasibət bildirilmişdir. Bu gün biz burada millət vəkillərini bu qanun layihəsinə səs verməyə çağırırıq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təklif var, səsə qoyulsun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Gündəliyin növbəti, 11-ci məsələsinə keçirik. Söz verilir Milli Məclisin komissiya sədri Ziyad Səmədzadəyə.
Z. Səmədzadə. Hörmətli Oqtay müəllim, bayaq dediyim həmin müddəaları əsas tutaraq “Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin mahiyyəti barədə qısaca məlumat vermək istəyirəm. Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında bu cür sazişlərin ölkələr arasında iqtisadi münasibətlərin genişlənməsi üçün çox vacib əhəmiyyəti vardır. Sazişdə sərmayələrin təşviqi və qorunması üçün hər iki dövlət qarşısında bəzi öhdəliklər qoyulur.
Tərəflər öz qanun və qaydalarına uyğun olaraq sərmayəçilərin sərmayələrini təşviq edəcək, onlar üçün əlverişli şərait yaradacaq və bu cür sərmayə qoyuluşlarına icazə verəcək. Hər iki tərəf qarşı tərəfin sərmayəçilərinin sərmayələrinə ədalətli və bərabər rejim tətbiq edəcək, tam və daimi müdafiə və təhlükəsizlik təmin edəcək. Heç bir tərəf qarşı tərəfin sərmayəçilərinin sərmayələrinin idarə edilməsinə, saxlanmasına, istifadəsinə, onlardan faydalanmasına, əldə edilməsinə və ya satışına səbəbsiz, əsassız və ya ayrı-seçkilik yolu ilə qarışmayacaqdır. Bu saziş Azərbaycan ilə Latviya arasında investisiya mühitinin yaxşılaşmasına imkan verən tədbirlərin həyata keçirilməsinə şərait yaradır.
Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunur. Hər bir dövlət Azərbaycan hökuməti ilə iqtisadi sahədə əməkdaşlıq edərkən ilk növbədə investisiya mühitini və investisiya mühitinə təsir edən amilləri araşdırır. İki ölkə arasında belə bir sazişin təsdiq edilməsi, heç şübhəsiz ki, gələcəkdə hökumətlərarası xarici iqtisadi əlaqələrin genişlənməsi və Latviya iş adamlarının Azərbaycana, Azərbaycan iş adamlarının Latviyaya investisiya qoyması ilə nəticələnə bilər.
Komissiyada bu məsələ ətraflı müzakirə olunub və yekdilliklə qərar qəbul olunub ki, bu qərar layihəsi də Milli Məclisin müzakirəsinə verilsin. Mən sizdən komissiyanın sədri kimi xahiş edirəm ki, bu layihəyə səs verəsiniz.
Sədrlik edən. Səməd müəllim, bu məsələyə sizin komissiyanızda da baxılıb. Əlavəniz varmı?
S. Seyidov. Cənab Sədr, biz komissiyamızda bu sazişlərə çox diqqətlə baxırıq. Hər bir belə sazişin qəbul olunması bizim maraqlarımıza uyğundur. Biz hörmətli komissiya sədrimiz Ziyad müəllimlə tam şəkildə şərikik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təklif var ki, səsə qoyulsun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 87
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Gündəliyin qalan məsələlərinə günün ikinci yarısında baxılacaq.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, yerlərinizdə əyləşin, işimizi davam etdirək. Gündəliyin 12-ci məsələsi – “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə. Söz verilir Milli Məclis Sədrinin birinci müavini, komissiya sədri Ziyafət müəllimə.
Z. Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputatlar, müzakirənizə təqdim olunmuş sazişin layihəsi Latviya Hökuməti ilə Azərbaycan Respublikası arasında imzalanıb. Məlumat üçün sizə bildirmək istəyirəm ki, terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi, eləcə də mütəşəkkil cinayətkarlıq sahəsində Azərbaycan parlamenti artıq müvafiq qanunlar qəbul eləyib. Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, biz artıq bu silsilədən olan ondan artıq beynəlxalq sazişə imza atmışıq.
Bilirsiniz ki, terrorçuluqla bağlı məsələ öz aktuallığını Amerika Birləşmiş Ştatlarında baş vermiş 2001-ci il 11 sentyabr olaylarından sonra daha da artırmışdır. Ulu öndərimiz möhtərəm Heydər Əliyev ilk prezidentlərdən oldu ki, bu məsələ ilə əlaqədar öz həmrəyliyini bildirdi. Terrorçuluğun nə olduğunu Azərbaycan başqa dövlətlərdən bəlkə daha çox bilir. Çünki bizə qarşı erməni terrorizmi ilə bağlı artıq çoxlu faktlar vardır. Əlbəttə, beynəlxalq sazişlərə qoşulmaq öz yerində, amma mən hesab edirəm ki, bu sahədə dövlətlərarası ikitərəfli əməkdaşlığın olması daha önəmlidir. Çünki burada söhbət artıq iki dövlət arasında konkret əməkdaşlığın formasından gedir.
Bu saziş layihəsi, hesab edirəm ki, bayaq artıq təqdim olunmuş Latviya ilə Azərbaycan Respublikası hökumətləri arasında bəyannamənin məzmununa tamamilə uyğundur. İstər terrorçuluq, istər narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi, istərsə də mütəşəkkil cinayətkarlığa qarşı mübarizə bu saat bütün dünya ölkələrini düşündürən məsələdir və əlbəttə, bir dövlətin gücündə deyil ki, bu qədər işlərin öhdəsindən gəlsin. Ona görə də beynəlxalq əməkdaşlıq nöqteyi-nəzərindən də bu sazişin olduqca böyük əhəmiyyəti vardır.
Saziş 10 maddədən ibarətdir. Sazişdə əməkdaşlığın formaları, eyni zamanda, bu sahələrlə əlaqədar olaraq fikir mübadiləsi, məlumat mübadiləsi və digər məsələlər nəzərdə tutulub. Bu saziş qeyri-müəyyən müddətə bağlanıb. Bu da, hesab edirəm, sazişin müsbət tərəflərindən biridir. Əgər tərəflərdən biri bu sazişdən çıxmaq barədə fikrini bildirmək istəyirsə, onda 6 ay qalmış digər tərəfi məlumatlandırır. Bundan sonra artıq sazişdən çıxmaq haqqında qəti qərar qəbul eləyə bilər. Amma hesab edirəm ki, qeyri-müəyyən müddətə bağlanmış bu saziş Latviya ilə Azərbaycan Respublikası arasında əlaqələrin möhkəmləndirilməsinə böyük xidmət edəcək.
Bilirsiniz ki, biz Latviya ilə, ümumiyyətlə, Baltikyanı ölkələrlə əməkdaşlığa xüsusi diqqət yetiririk. Çünki Baltikyanı ölkələr – istər Latviya, istər Litva, istərsə də Estoniya həm NATO-nun, həm də Avropa Birliyinin üzvləridirlər. Ümumiyyətlə, belə demək mümkünsə, keçmiş sovet şinelindən çıxmış ölkələr üçün bu əməkdaşlıq daha münasibdir. Çünki Baltika ölkələri də Sovet İttifaqının çərçivəsində fəaliyyət göstərmiş dövlətlərdir. Ona görə də xüsusilə Baltika ölkələri ilə bu cür sazişlərin bağlanması, hesab edirəm ki, Azərbaycanın milli mənafelərinə, dövlət maraqlarına tamamilə uyğundur. Mən sizi bu sazişə səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyafət müəllim. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Ziyafət müəllim artıq geniş və ətraflı məlumat verdi. Bu saziş bizim komissiyada da müzakirə olunub. Tamamilə düzgün olaraq vurğulandı ki, Azərbaycan ilə Latviya Respublikası arasında, ümumən Baltika respublikaları arasında olan münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Təbii ki, hər iki ölkə transmilli bəla olan mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizədə ancaq əməkdaşlıq nəticəsində uğur əldə edə bilərlər. Bu baxımdan bu sazişə qoşulmaq, əlbəttə, məqbuldur və biz bunu dəstəkləyirik. Çox sağ olun.
Sədrlik edən. Bu layihəyəyə üç komissiyada baxılıb. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov da fikrini bildirsin.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Həm Ziyafət müəllim, həm də Əli müəllim artıq bu sazişlə bağlı münasibət bildirdilər. Biz də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası olaraq qeyd etməliyik ki, bu saziş Azərbaycanın maraqlarına uyğun olan sazişdir. Azərbaycan həmişə antiterrorist fəaliyyətlə seçilən bir dövlət olub. Biz həmişə bu istiqamətdə fəaliyyətimizlə seçilmişik. Belə bir sazişin xüsusilə Avropa Birliyinin üzvü olan dövlətlə bağlanması bizim üçün, - Ziyafət müəllim burada qeyd elədi, - çox vacib olan bir məsələdir. Ona görə ki, Latviya indi bu sazişlər vasitəsilə bizim siyasətimizi, bizim mövqeyimizi Avropa Birliyində müdafiə etməklə, dəstəkləməklə məşğul olacaq. Bu bizim üçün çox əhəmiyyətli və vacibdir. Ona görə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası olaraq biz tamamilə bunun lehinəyik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, nə təkliflər olacaq? Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.07 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul olundu. 13-cü məsələ - “Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə. Ziyad Səmədzadəyə söz verirəm.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Sözün əsl mənasında bu gün Avropa Birliyində özünəməxsus yeri olan Latviya Respublikası ilə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində Milli Məclis cəsarətli və layiqli bir addım atıb. Mən ikiqat vergitutma ilə, sərmayələrin qorunması ilə əlaqədar sazişlər barədə fikirləri dedim.
Ən vacib sənədlərdən biri də iki dövlət arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım haqqında Sazişdir. Ölkə iqtisadiyyatının inkişafına təsir edən mühüm amillərdən biri gömrük siyasətidir. Hal-hazırda Azərbaycan Respublikasında gömrük siyasətinin inkişaf etdirilməsində əsas addımlardan biri də gömrük işi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Latviya ilə Azərbaycan arasında bağlanmış bu saziş də iki ölkə arasında gömrük münasibətlərinin və gömrük məsələləri üzrə qarşılıqlı yardımın inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Sazişin əsas əhəmiyyəti ondan ibarətdir ki, hər iki dövlət qarşılıqlı informasiya mübadiləsi edirlər.
Gömrük qanunvericiliyinin tətbiq edilməsi və onun pozulmasının qarşısının alınması məqsədilə hər iki dövlət bir-birlərini zəruri informasiya, xüsusilə də aşağıdakı məlumatlarla təmin etməlidirlər. Dövlətlərdən hər hansı birinin gömrük qanunvericiliyini pozan və ya pozması şübhə doğuran şəxslər barədə, malların qeyri-qanuni daşınmasında istifadə edilən yeni vasitə və metodlar barədə, qeyri-qanuni daşınma obyekti olması məlum olan mallar barədə, dövlətlərdən hər hansı birinin gömrük qanunvericiliyinin pozulmasında istifadə olunan və ya istifadə olunması şübhə doğuran nəqliyyat vasitələri və ya konteynerlər, habelə yerlər barədə.
Sazişin başqa bir məqsədi isə narkotik vasitələrin, onları əvəz edən maddələrin, silahların, hərbi sursatların, zəhərli qazların, partlayıcı və radioaktiv maddələrin qeyri-qanuni dövriyyəsinin qarşısını almaq, bununla əlaqədar olan şəxsləri müəyyən etmək və onlara qarşı lazımi tədbirlər görməkdir.
Bu qanun layihəsi də Milli Məclisin İqtisadi siyasət daimi komissiyasında müzakirə edilmiş və yekdilliklə Milli Məclisin müzakirəsinə verilməsi tövsiyə olunmuşdur. Mən hesab edirəm ki, bu sazişin də qəbul edilməsi Latviya ilə bizim iqtisadi əməkdaşlığımızın yeni münasibətlər çərçivəsində qurulmasına xidmət edəcəkdir. Ona görə də mən millət vəkillərindən bu sazişə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Səməd müəllim, Siz də münasibətinizi bildirin.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Ziyad müəllim bu məsələləri çox ətraflı və geniş qeyd elədi. Doğrudan da, bu gün Avropa Birliyi, o cümlədən Baltikyanı ölkələrlə münasibətlərimizdə inkişafa nail olmaq bizim üçün çox vacib və əhəmiyyətlidir. Təsadüfi deyil ki, bu yaxınlarda biz Latviyada Azərbaycanın səfirliyini açmışıq. Azərbaycandan Latviyaya gedişi necə yüngülləşdirmək barədə müzakirələr gedir, bu saat Latviyanın iş adamları Azərbaycanda və Azərbaycanın iş adamları Latviyadadırlar. Bu həm Azərbaycan tərəfinin, həm də Avropa Birliyinin üzvü olan Latviyanın siyasi iradəsidir. Bu sazişlər ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə dəstək verən mühüm sənədlərə çevriləcək. Ona görə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası da bunun tam lehinədir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, nə təkliflər olacaq? Səsə qoyaq.

Səsvermənin nəticələri (saat 16.12 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Növbəti məsələ də İqtisadi siyasət daimi komissiyasına aiddir. “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və həmin Konvensiyanın Protokolunun təsdiq edilməsi barədə. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bayaq mən sizə hökumətlər arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınmasının iqtisadi münasibətlərə, beynəlxalq iqtisadi əlaqələrin inkişafına təsirindən danışdım. Eyni fikirləri Azərbaycan ilə Çexiya arasında imzalanan Konvensiya haqqında da demək olar. Bilirsiniz ki, Çexiya Avropa ölkələri arasında özünün iqtisadi inkişaf sürətinə, islahatların aparılmasına görə ən öndə gedən dövlətlərdən biridir.
Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında iqtisadi münasibətlərin təkmilləşməsinə də ehtiyac vardır. Bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün atılan ilk addımlardan biri də müzakirənizə verilən Konvensiya və müvafiq Protokoldur. İqtisadi siyasət daimi komissiyası artıq qeyd etdiyim prinsipləri əsas tutaraq bu Konvensiyanın da Milli Məclisin müzakirəsinə verilməsini qərara almışdır və ona müsbət münasibət bildirmənizi sizdən xahiş edir.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Səməd müəllim, buyurun.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Bu gün Azərbaycanın iqtisadiyyatı ildə 23-26 faiz inkişaf edir. Bu heç də təsadüfi deyil. Ona görə ki, bizim Milli Məclisdə bu kimi sazişlərin təsdiq olunması və Azərbaycanda bu kimi iqtisadi mühitin yaranması Azərbaycan iqtisadiyyatına böyük kömək edir və təkanverici amillərə çevrilir. Bu gün xarici dövlətlərlə iqtisadi münasibətlərdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyanın qəbul edilməsi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına böyük kömək göstərir. Ona görə, təbii ki, biz bu sazişləri dəstəkləyirik.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.15 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Gündəliyin 15-ci məsələsi – “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında” Memorandumun təsdiq edilməsi barədə. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Artıq qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında 2005-ci il noyabrın 28-də Bakı şəhərində imzalanmış Memorandum müzakirənizə təqdim olunub. Bu çox əhəmiyyətli bir sənəddir. Ona görə ki, hər iki dövlət arasında günü-gündən artan əlaqələr, eyni zamanda, iki qardaş ölkənin xalqları arasında mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından çox vacib bir memorandumdur.
1-ci maddədə göstərilir ki, bu Memorandum yalnız Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşlarının İran İslam Respublikasına və İran İslam Respublikası vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına gediş-gəlişinə şamil edilir.
Tərəflər Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası və İran arasında sərhədin 45 kilometrliyində daimi yaşayan vətəndaşlarının səfərlərinin sayının 4-dən 12 dəfəyədək artırılması barədə razılığa gəlir. Deməli, bu səfərlərin sayı üç dəfə artmış olur.
Maraqlı müddəalardan biri də 8-ci maddədədir. Belə ki, Azərbaycan tərəfi İran İslam Respublikası vətəndaşlarına Naxçıvan Muxtar Respublikasının beynəlxalq hava limanında viza verilməsi məsələsinə baxacaq, eyni zamanda, İran tərəfi də bu maddədə göstərilənlərin Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşlara şamil edilməsi imkanına baxacaq. Bu məsələlər açıq qalır. Amma hər iki tərəf öhdəlik götürür ki, beynəlxalq hava limanında viza məsələsini də həll etmək gələcəkdə mümkündür.
Memorandum iki il müddətinə bağlanır. Amma ona baxmayaraq, əgər tərəflərdən heç biri etiraz etməzsə, Memorandumun qüvvəsi avtomatik olaraq növbəti iki il müddətinə uzadılacaqdır.
Hesab edirəm ki, Azərbaycan və İran arasında olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından sadələşdirilmiş viza rejiminin Naxçıvan və İran vətəndaşlarına tətbiq olunması əhəmiyyətli olardı. Odur ki, sizi bu Memoranduma səs verməyə dəvət edirəm.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Səməd Seyidov.
S. Seyidov. Çox sağ olun, cənab sədr. Biz də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında bu Memorandumu çox ciddi təhlil etmişik. Bu özü-özlüyündə bizim üçün çox vacib və əhəmiyyətli bir Memorandumdur. Bu Memorandum haqqında danışanda bir neçə məsələni burada qeyd etmək lazımdır. Birincisi ondan ibarətdir ki, Azərbaycanın düzgün və balanslaşdırılmış xarici siyasətində hər bir qonşu dövlətlə mehriban qonşuluq və dostluq münasibətlərinin yaranmasına xidmət edən belə sazişlərin böyük rolu vardır. Qonşularımızla münasibətlərimizi yüksək səviyyədə qurmaq bizim üçün çox vacibdir. Bu Memorandumun burada təsdiq olunması bizim üçün vacib və əhəmiyyətlidir. Bu birinci tərəfi. Təbii, biz bunu dəstəkləyirik.
İkincisi, yaddan çıxarmaq lazım deyil ki, Naxçıvan Ermənistan tərəfindən indiyədək blokadadadır və Naxçıvandan vətəndaşlarımızın Azərbaycanın digər hissələrinə gəliş-gedişi yalnız hava yolu vasitəsilə həyata keçirilir. Memorandumda isə göstərilir ki, sərhədin 45 kilometrliyində daimi yaşayan vətəndaşların səfərlərinin sayı ildə 4 dəfədən 12 dəfəyədək çoxalır, İrana vizaların verilməsi yüngülləşdirilir və sair. Bu o deməkdir ki, bu Memorandum Naxçıvanın blokadadan çıxarılması məsələsinə də kömək göstərən bir sənədə çevrilir.
Müzakirə zamanı bu Memoranduma biz çox yüksək münasibət bildirmişik. Bəzi suallar da ortaya çıxmışdı. Bizim komissiyanın bəzi üzvləri sual verdilər ki, Naxçıvandan İrana səfərlərin 4 dəfədən 12 dəfəyədək artırılması niyə sərhədin yalnız 45 kilometrliyində daimi yaşayan insanlara şamil olunur. Ancaq bunu da başa düşmək lazımdır ki, Naxçıvan üçün bu, hava kimi, su kimi lazım olan bir sazişdir. Naxçıvanda yaşayan insanların İrana gediş-gəlişi çox əhəmiyyətlidir.
Ümumiyyətlə, bu Memoranduma münasibət yalnız müsbətdir. Təbii ki, belə sazişlərin qonşu ölkələrlə bağlanması təqdirəlayiq haldır. Mən millət vəkillərindən xahiş edirəm ki, onlar bu Memoranduma müsbət fikirlərini bildirsinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Səməd müəllim. Çıxışa yazılanlar var? İsa Həbibbəyli.
İ. Həbibbəyli. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları ilə İran İslam Respublikasının vətəndaşları arasında sadələşdirilmiş gediş-gəlişin tənzimlənməsinə dair Memorandumun imzalanması blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Düşünürəm ki, bu Memorandumun təsdiq edilməsi qismən də olsa, blokadanın sərt rejimini bir qədər yumşaltmağa xidmət eləyə bilər. Tranzit və ticarət əlaqələrinin bərpası və qismən genişləndirilməsində də bu Memorandumun özünəməxsus əhəmiyyəti var. Sadələşdirilmiş keçid qaydaları, burada verilən əlavə güzəştlər Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında müəyyən mənada turizmi də yenidən qurmağa və inkişaf etdirməyə öz töhfəsini verə bilər. Nəticə etibarilə bu Memorandumun imzalanması çətin blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının əhalisi üçün böyük əhəmiyyətə malikdir. Ona görə də mən bu Memorandumu Naxçıvan üçün son dərəcə əhəmiyyətli hesab edir və qəbul olunmasını məqsədəuyğun sayıram.
Bununla yanaşı, hesab edirəm ki, belə bir Memorandum gələcəkdə Naxçıvan Muxtar Respublikası ilə Türkiyə və ən azı Türkiyənin yaxın bölgələri arasında da imzalansa, bu da Naxçıvanın blokadadan çıxarılmasına, orada yaşayan Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin normallaşdırılmasına öz töhfəsini verə bilər.
Yeri gəlmişkən, cənab Sədr, burada bir məsələyə münasibətimi bildirmək istəyirəm. Avropa Birliyində Culfa qəbiristanlığı haqqında qərarın təsdiq olunması Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da çox böyük narazılığa səbəb olub. Ən azı iki səbəbdən. Birinci, ona görə ki, bu, obyektiv deyil. Burada Naxçıvandan olan digər deputatlar da təsdiq edərlər ki, Naxçıvan Muxtar Respublikasında heç vaxt erməni qəbiristanlığı olmayıb və yoxdur. Bu gün bəzi adamların, araşdırmaçıların alban abidələri adı altında Naxçıvanda, əslində, erməni qəbiristanlığını süni şəkildə bərpa eləmək niyyətlərini də mən qətiyyətlə pisləyirəm. Dağlıq Qarabağda bu cür alban abidələri kimi qəbul elədiyimiz abidələri ermənilərin hay-küyü nəticəsində Avropa erməni qəbiristanlığı kimi qəbul elədi və Qarabağın zəbt olunmasında bu, əsas arqumentlərdən birinə çevrildi. Bu gün alban tarixi abidələrinin öyrənilməsi istiqamətində aparılan tədqiqatların bir çoxunun Naxçıvanla bağlı hissələrində də bu cür gözəgörünməz ideyalar yatır.
İkincisi isə, Avropa Birliyində qəbul olunan bu qərar, eyni zamanda, Avropa Birliyi kimi nüfuzlu bir qurumun nəticə etibarilə Ermənistanın Naxçıvana ərazi iddialarını sanki dəstəkləməsi kimi görünür və birtərəfli təsir bağışlayır. Ona görə də mən bir Azərbaycan vətəndaşı kimi, millət vəkili kimi bu qərarı qeyri-obyektiv qərar hesab edirəm. Razılıq hissi ilə qeyd eləmək istəyirəm ki, Siz, parlamentin rəhbərliyi bu qərara yenidən baxılması haqqında məsələ qaldırmısınız. Amma bu gün mənə məlum deyil ki, yenidən məsələyə baxılarkən hansı təsir mexanizmindən istifadə olunacaq. Yenidən məsələyə baxılarkən bir də ermənilərin iddialarının təsdiq olunmaması üçün biz hansı tədbirləri görürük? Bir deputat kimi, azərbaycanlı kimi mənim üzərimə hansı məsələlərin həlli düşür? Çox istərdim ki, qabaqda bizi gözləyən həmin müzakirəyə Azərbaycan tərəfi layiqincə hazırlaşsın və həmin müzakirədə Azərbaycan tərəfinin haqlı tələblərinin həyata keçirilməsinə nail olsun.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Məclis! Mən də məndən əvvəl çıxış eləyən həmkarlarımın fikirlərinə qoşuluram. Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikası ilə İran arasında gediş-gəlişi sadələşdirən bu sənəd çox vacibdir və əhalinin bir qismini sıxıntıdan qurtarmağa xidmət eləyir. O fikri də dəstəkləyirəm ki, Türkiyə ilə də Naxçıvan arasında belə bir sənəd imzalanmalıdır. Dəfələrlə biz bu məsələni qaldırmışıq, amma təəssüf ki, həmişə olduğu kimi, bizim özümüz öz vətəndaşlarımız üçün süni maneələr yaradırıq. Naxçıvandan gedənlər, - əvvəl bir ay idi, - iş dalınca İstanbula gedir, bir aydan sonra vaxtı qurtarır, qayıdıb təzədən viza müddətini artırmalıdır. Türkiyə burada heç nəyə nail olmur. Deyir, nə qədər istəyirsən, bu müddəti verə bilərsən. Amma bizim öz idarələrimiz camaat üçün belə bir əngəl yaradır. Mən hesab edirəm ki, Azərbaycan hökuməti süni maneəni aradan qaldırmalıdır.
İran məsələsi. Mən bizim komissiyanın iclasında da bu məsələni demişəm. İrandan gəlmiş millət vəkilləri ilə söhbət eləyəndə onlar da bu məsələyə münasibətlərini bildirdilər. Bu işin daha yaxşı səmərə verməsi üçün hansı addımları ata bilərdik? Ola bilsin ki, sənəd iki ildən sonra təzələnəndə bu qeydlər nəzərə alına bilər. İrandan gələn millət vəkilləri deyirlər ki, biz Naxçıvan Muxtar Respublikasına gedirik. Balaca ərazidir. Bizim gedənlər 2-3 gün orada gəzirlər, işlərini görürlər, sonra qayıdırlar İrana. Amma İrana Naxçıvan dan gedənlər sərhədi keçəndən sonra İranın bütün ərazilərinə gedə bilirlər. Biz Azərbaycanı bütöv görürüksə, İrandan gələnlər niyə Naxçıvandan sonra həmin icazə ilə Bakıya da gələ bilməsinlər? Bu məsələ həll olunsa, bizim İrana gedən vətəndaşlarımız Astara yolu ilə və Biləsuvar yolu ilə hətta Bakıya gələ bilərlər. Belə təkliflər var idi. Bütün detalları burada dəqiqləşdirmədim. Amma bu sənəd elə hazırlanmalıdır ki, İrana keçən Naxçıvan camaatı İrandan Bakıya gələ bilsin, həm də İran üzərindən tranzit kimi də istifadə eləyə bilsin. Onda avtobus nəqliyyatı ilə Naxçıvanla Bakı arasındakı yol xeyli sadələşmiş və camaatın sıxıntısı xeyli azalmış olar. Ona görə hesab edirəm ki, bu cür sənədlər hazırlananda respublikanın milli təhlükəsizliyi nəzərə alınmaqla tərəflərin bütün təklifləri, arzuları nəzərə alınmalıdır.
Sədrlik edən. İsmayıl Hacıyev.
İ. Hacıyev. Hörmətli sədr, hörmətli millət vəkilləri! Qeyd olunduğu kimi, İran İslam Respublikası ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında gediş-gəlişinin sadələşdirilməsi haqqında Memorandum barədə komissiya sədri Əli Hüseynov və hörmətli deputat yoldaşlarımız geniş məlumat verdilər. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasını blokada şəraitinə salan erməni şovinistləri burada yaşayan əhaliyə hər vəchlə təzyiq göstərməyə çalışmışlar. Təbii ki, əhalinin həm İran İslam Respublikasına, həm də Türkiyəyə gediş-gəlişini asanlaşdırmaq üçün bu cür memorandumların qəbul olunması çox vacibdir.
Əvvəllər də gediş-gəliş mövcud idi. Lakin bu o qədər də asan deyildi. Vaxtilə Naxçıvanda yaşayan əhaliyə pasportlar verilirdi. Pasportların müxtəlif söz-söhbət yaratdığı respublika əhalisinə məlum idi. Lakin sonradan həmin pasportlar ləğv olundu və başqa gediş-gəliş rejimi tətbiq olundu.
İndi İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında sərhədin 45 kilometrliyində daimi yaşayan əhali il ərzində 12 dəfə gediş-gəliş rejimindən istifadə etmək hüququna malik olacaqdır. Deyildiyi kimi, bu, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası sakinləri üçün çox mühüm əhəmiyyətə malikdir. Bu Memorandumun həm siyasi, həm iqtisadi, həm mədəni, həm də digər cəhətlərdən çox böyük əhəmiyyəti vardır. Naxçıvanı blokada şəraitindən qurtarmağın bir yolu da budur.
Deyildiyi kimi, Türkiyə Cümhuriyyəti ilə əvvəllər gediş-gəliş müddəti bir ay müəyyən olunmuşdu. Sonradan bir qədər də artırıldı, 2 ay müəyyən olundu. Bu Memorandumda isə İran İslam Respublikasına gediş-gəlişin vaxt həddi 15 günə qədər müəyyən olunub. İlkin variantda, əslində, bu da pis deyil. Axı, Türkiyədən fərqli olaraq İran İslam Respublikasına gedən Naxçıvan Muxtar Respublikasının sakinləri orada heç 15 gündən artıq qalmırlar. Çünki, əsasən, öz iqtisadi tələblərini ödəmək və ticarət əlaqələri, mədəni əlaqələr yaratmaq üçün İran İslam Respublikasına gedirlər.
Mən də deputat yoldaşlarımızın fikirlərinə tamamilə şərik olaraq bu Memorandumun vaxtında qəbul olunduğunu, Naxçıvan Muxtar Respublikasını blokada vəziyyətindən qurtarmağa yönələn mühüm bir qərar olduğunu qəbul edir və deputat yoldaşlarımızı ona səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, İsmayıl müəllim. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Müzakirə olunan Memorandum bu gün Naxçıvan Muxtar Respublikası üçün zəruri olan bir sənəddir. Burada deputat həmkarlarımın dedikləri ilə mən də razıyam. Bununla belə, mən də bir neçə məsələyə öz münasibətimi bildirmək istəyirəm.
Adətən, böyük dövlətlə kiçik dövlət arasında belə bir müqavilə bağlananda həmişə uduzan kiçik dövlət olur. Amma Naxçıvanla bağlanan bu Memorandum indi Naxçıvanı blokadadan çıxarmaq xarakteri daşıyır. Ona görə də burada tamamilə düzgün olaraq Azərbaycanın yox, sırf Naxçıvanın ərazisi göstərilibdir. Naxçıvanla İran arasında bağlanan müqavilədə sırf Naxçıvan vətəndaşlarının İrana və İran vətəndaşlarının ancaq Naxçıvan ərazisinə daxil olması məsələsi ortaya qoyulubdur.
Mənim demək istədiyim bir fikri burada deputat həmkarlarım artıq qeyd elədilər. Biz çox arzu edərdik ki, bizə dost, qardaş olan Türkiyə tərəfindən də belə bir addım atılaydı. Bu yaxınlarda Türkiyə ilə Gürcüstan arasında Gürcüstanın bütün ərazisindən Türkiyəyə və Türkiyənin bütün ərazisindən Gürcüstana 2 ay müddətinə gedib yaşamaq, qalmaq, işləmək barəsində müqavilə imzalandı və dərhal da qüvvəyə mindi. Azərbaycana münasibətlə Gürcüstana münasibətdə fərq olmalıdır. Türkiyə ilə Azərbaycan və xüsusilə də Naxçıvan arasında bu müqavilənin müddəti uzadılmalı və kifayət qədər böyük bir müddət olmalıdır. Bunu Sabir müəllim artıq qeyd elədi. Burada Azərbaycan tərəfindən heç bir problem yoxdur. Türkiyə tərəfindən bu müqavilənin uzadılması məsələsi qalıbdır. Bu uzadılmalı və Naxçıvanda yaşayan Azərbaycan vətəndaşlarının blokadadan çıxması, müəyyən ticarət əlaqələri yaratması üçün şərait yaradılmalıdır.
Ümumilikdə götürəndə gələcəkdə bu cür proseslərə biz diqqətlə yanaşmalıyıq. Azərbaycanın istiqaməti Avropaya doğru inteqrasiyadır. Azərbaycanın qarşıda qoyulan strateji məqsədlərindən biri Avropa İttifaqına daxil olmaqdır və Avroatlantik məkana inteqrasiyadır. Belə olan vəziyyətdə hər bir müqaviləyə ciddi şəkildə baxılmalıdır. Yəni mən bu müqaviləni alqışlayıram və onun təsdiq edilməsinin tərəfdarıyam.
Müqavilələrdə, adətən, 5 il müddəti göstərilir, burada 2 il müddəti göstərilib. Sabah əgər Naxçıvan blokada vəziyyətindən çıxarsa, avtomatik olaraq bu müqaviləyə yenidən baxmaq olar. Ona görə ki, bölgədə yaranan geosiyasi vəziyyət, bu gün İran-Amerika, İran-Avropa münasibətləri və digər proseslər onu göstərir ki, hər bir məsələyə biz ciddi şəkildə, həssas yanaşmalıyıq. Biz planlaşdırmalıyıq, baxmalıyıq, görməliyik ki, gələcək münasibətlərin qurulma çərçivəsi və bu yöndə atılan addımlar nədən ibarət olmalıdır. Sabah əgər hər hansı bir hərbi münaqişə başlayarsa, ona münasibətdə Azərbaycanın mövqeyi nədən ibarət olmalıdır və o cümlədən Naxçıvandakı vəziyyət nə cür olacaqdır? Allah eləməsin, elə bir hadisə baş versin, amma elə reallıqlar var ki, qaçılmazdır və yaranan vəziyyətdə belə hadisə baş verə bilər. Ona görə də bu müqaviləni biz təsdiq etməliyik. Gələcəkdə baxılanda bu məsələlər sırf Azərbaycanın geosiyasi maraqları çərçivəsində həll olunmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Hamımız gözəl xatırlayırıq ki, bir neçə gün əvvəl hava şəraiti pozulanda Naxçıvanda çox gərgin vəziyyət yarandı, uçuşlar mümkün olmadı və blokada şəraitində yaşayan Naxçıvan çox ciddi problemlərlə üzləşdi. Məhz bu nöqteyi-nəzərdən mən Sabir bəyin diqqətinə bir şeyi çatdırıram ki, bu Memorandumun nəticəsində Naxçıvandan vizasız İran ərazisinə daxil olan bizim vətəndaşlar digər sərhəd məntəqəsindən Azərbaycana maneəsiz gələ bilərlər. Bu Memorandumun əsas məqsədi məhz Naxçıvanda mövcud olan blokada şəraitini dəyişdirməkdir. Bircə buna görə düşünürəm ki, biz bu sənədi təsdiq eləməliyik.
Sadəcə, bir neçə məqam var ki, çox ciddi narahatçılıq doğurur. Mən onu sizin diqqətinizə çatdırmaq istərdim. Bu yaxınlarda İranın xarici işlər naziri Ermənistanın rəhbərliyi ilə - Köçəryanla, Serj Sarkisyanla görüşdə İran ilə Ermənistan arasında hərbi və təhlükəsizlik sahəsində strateji müttəfiqlik və müvafiq əməkdaşlıq barəsində razılığa gəliblər. Azərbaycana təcavüz eləmiş ölkə ilə belə bir müttəfiqlik, hərbi və təhlükəsizlik əməkdaşlığı, təbii ki, narahatçılıq doğurmaya bilməz. Mən düşünürəm ki, bu Memorandumda mövcud olan bəndləri Azərbaycanın digər ərazisinə şamil eləmək olmaz. Biz dəfələrlə Azərbaycanın Naxçıvanda yerləşən sərhəd qoşunlarının İrandan Türkiyəyə hansısa terrorist təşkilatların, nümayəndələrin keçməsinin qarşısını almasının şahidi olmuşuq. Onun üçün bu Memorandumu Azərbaycanın bütün ərazisinə şamil eləmək çox təhlükəli olardı. Çünki İran bu gün Ermənistanla müvafiq hərbi və təhlükəsizlik sazişi hazırlayan bir dövlətdir.
Daha bir məsələni istərdim, diqqətinizə çatdırım. Azərbaycan ilə Türkiyə arasında vizasız gediş-gəliş rejimi barədə müvafiq sazişin imzalanması da Naxçıvanın blokada şəraitini yarmaq və problemləri aradan qaldırmaq üçün çox böyük bir imkan olardı. Bir neçə həftə bundan öncə Gürcüstanla Türkiyə arasında artıq belə bir saziş qüvvəyə minib və Gürcüstan vətəndaşları Türkiyəyə vizasız rejimi tətbiq eləyə biliblər. Türkiyə bölgədə Azərbaycana ən yaxın olan bir dövlətdir. Azərbaycanla Türkiyə arasında viza rejiminin mövcudluğu həm Naxçıvanın vəziyyətini ağırlaşdırır, həm də ümumiyyətlə, bu iki qardaş dövlətin münasibətlərində problemlər yaradır. Onun üçün mən çox istərdim ki, Azərbaycanla Türkiyə arasında mövcud olan və böyük problemlər yaradan bu viza əlaqələri ləğv edilsin və Gürcüstan kimi Azərbaycan da Türkiyə ilə vizasız rejim yaratsın. Bu halda Naxçıvanın İran üzərindən Azərbaycanla münasibət qurmaq və Türkiyə üzərindən dünyaya çıxmaq imkanları bərpa oluna bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rafael Hüseynov.
R. Hüseynov. Çox təşəkkür eləyirəm. Bu və bundan əvvəl müzakirə etdiyimiz sənədlər Azərbaycan Respublikasının digər ölkələrlə dostluq, əməkdaşlıq əlaqələrinin sərfəli inkişafına xidmət eləyən sənədlərdir və onların hər biri təqdir olunmalıdır. İndi müzakirə etdiyimiz İran İslam Respublikası Hökuməti və Azərbaycan Hökuməti arasında Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin sadələşdirilməsi ilə əlaqədar Memorandum da, əlbəttə, çox əhəmiyyətlidir. Mən bu barədə söylənən fikirlərin hamısı ilə şərikəm.
Bu, artıq imzalanmış və indi bizim təsdiq edəcəyimiz bir sənəddir və onun mətninə müdaxilə etmək imkan xaricindədir. Amma mən məhz mətnlə əlaqədar bir neçə söz demək istəyirəm. Son bənddə yazılır ki, bu sənəd iki dildə - Azərbaycan və fars dillərində tərtib edilib və hər iki mətn eyni qüvvəyə malikdir. İndi farscasını necə tərtib eləyiblər, nə dərəcədə fars dilinin qrammatik normalarına uyğundur, o bir başqa məsələdir. Ona farslar cavabdeh olsunlar. Amma bu mətndə Azərbaycan dilində olmayan cümlələr, ifadələr və Azərbaycan dilinin ölçülərinə zidd gedən ayrı-ayrı deyilişlər, var ki, o çox düşündürür. Çünki bizim qəbul elədiyimiz və burada müzakirə etdiyimiz qanun layihələrində də belə dil xətalarına biz dönə-dönə rast gəlirik. Və burada da var.
Bu sənədin altında Azərbaycan tərəfinin imzası var. Sənədi imzalayan istər xarici işlər naziri olsun, istərsə də digər bir nazir olsun, fərqi yoxdur, Azərbaycanı təmsil eləyir. Odur ki, orada Azərbaycan dili dürüst olmalıdır. Məsələn, diqqəti bir neçə məqama yönəldirəm. Bunlar yanlış olduğuna görə mütləq düzəldilməlidir. Biz düzəltməsək də, heç olmasa, Xarici İşlər Nazirliyinə deyək ki, tarix üçün bu sənədlərin dili dürüst olmalıdır. Məsələn, 5-ci maddənin 3-cü sətrindən oxuyuram: “...Naxçıvan Muxtar Respublikasına gedən İran İslam Respublikasının vətəndaşlarının pasportuna 3 aylıq, 20 gün müddətində ölkədə qalmaq hüququ verən çoxsaylı giriş vizasını rüsumsuz olaraq 3 gündən gec olmayaraq rəsmiləşdirəcəkdir”. 3 aylıq, 20 gün müddəti nə deməkdir? Belə ifadə olmaz. “Çoxsaylı” sözü rus dilindən yanlış tərcümədir, “çoxdəfəli” olmalıdır. Çoxsaylı mnoqoçislennıy deməkdir, çoxdəfəli mnoqokratnıy. Burada “mnoqokratnıy” çoxsaylı kimi tərcümə edilib. Halbuki bunlar tamam ayrı-ayrı şeylərdir. Sadəcə, yerdəyişmə ilə, Azərbaycan dilinin qaydalarına riayət eləməklə bu cümləni normal bir hala gətirmək olur. Əslində bu belə olmalıdır: “İran İslam Respublikası vətəndaşlarının pasportuna 20 gün müddətində ölkədə qalmaq hüququ verən 3 aylıq çoxdəfəlik giriş vizasını rüsumsuz olaraq...” Ardı mətndəki kimi. Yaxud məsələn, 7-ci maddə: “Bu Memorandum əsasında səfər edən şəxslər tərəflərin icazə vermədikləri məntəqələr istisna olunmaqla İran İslam Respublikasının və Azərbaycan Respublikasının...” Bu da Azərbaycan dilinin üslubiyyatı, qrammatikası nöqteyi-nəzərindən düzgün olmayan bir quruluşdur. “Tərəflərin icazə vermədiyi məntəqələr istisna olunmaqla” hissəsi “Naxçıvan Muxtar Respublikasının” ifadəsindən sonraya gətirilməlidir. Onda hər şey qaydasına düşür. Belə xətalar burada çoxdur. Ona görə də bu qanunlar dövlət səviyyəsində, hökumətlər səviyyəsində müzakirə ediləndə, imzalananda mütləq onlara bir dil nəzarəti olmalıdır.
Bununla əlaqədar olaraq mən bir başqa məsələni demək istəyirəm. Vaxtilə mətbuatda mən bu məsələni qaldırmışam. Burada bir daha deyirəm. Bu gün biz millət quruculuğunun bir çox problemləri ilə məşğuluq və mühüm problemlərimizdən biri də dil ilə bağlıdır. Təəssüflər ki, biz həyatın ən müxtəlif sahələrində dilimizə qarşı çox pis bir siyasətin gerçəkləşməsinə imkan yaradır, ən azı buna mane olmuruq. Dilimizin gerçəkləşdiyi, özünü ifadə etdiyi ən vacib məqamlardan biri qanunlarımızdır. Qanunlarımızda Azərbaycan dili, - bunu etiraf eləməliyik, - arzu olunan səviyyədə deyil. Ona görə mən mətbuatda çıxış eləyərək söyləmişdim ki, Milli Məclisdə bir ayrıca şöbənin, tutalım, Qanun dili və terminologiya şöbəsinin yaradılmasına ehtiyac var. Büdcə nöqteyi-nəzərindən problem yaranmasın deyə, mövcud şöbələrin bir neçəsindən ayrı-ayrı əməkdaşları götürərək belə bir şöbə yaratmaq olar. Çünki bilirəm, Milli Məclisdən qanun layihələri redaktə olunmaq üçün Dilçilik İnstitutuna göndərilir. Amma dilçi çox zaman ayrı-ayrı terminlərin mənasını bilməyə bilər. Həmin şöbədə, yəni Milli Məclisdə yaradılmasını təklif etdiyim şöbədə hüquqşunas da olsun, iqtisadçı da olsun, dilçilər də olsun və bizim müzakirəyə çıxaracağımız qanunlara mütləq onlar viza qoysun, təsdiq etsinlər ki, dil nöqteyi-nəzərindən bu normaldır. Düşünürəm ki, bununla biz Azərbaycana xidmət eləmiş olarıq.
Bu qanun layihəsi barədə danışarkən biz blokada məsələsini qeyd etdik və dedik ki, bizə güzəştli bir şərt ilə... Amma burada, əslində, biz İrana çox böyük güzəşt etmişik. Bu Memoranduma görə, İranın bütün vətəndaşları Naxçıvana gələ bilər, Azərbaycandan isə yalnız Naxçıvanda yaşayan vətəndaşlar bu güzəştli şərtlər ilə viza ala bilərlər. Odur ki, əslində, o blokadanın məsələyə dəxli yoxdur. Blokada olmayanda da bu, mövcud olmalıdır.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Mən də, ümumiyyətlə, bu Memorandumu faydalı hesab eləyirəm və təsdiq edilməsinin tərəfdarıyam. Amma burada 8-ci maddədə bir ziddiyyətli məqam var. Burada Azərbaycan tərəfi öz üzərinə iki öhdəlik götürür: “...müəyyən edilən quru sərhəd nəzarət buraxılış məntəqələrində İran İslam Respublikasının vətəndaşlarına bir ay müddətinə olan birdəfəlik giriş vizasını həmin gün rüsumsuz olaraq rəsmiləşdirəcəkdir”. Yəni Azərbaycan tərəfinin bu öhdəliyi var. “Azərbaycan tərəfi göstərilən quru sərhəd nəzarət buraxılış məntəqələrinin siyahısını İran tərəfinə nota ilə bildirəcəkdir”. Amma “İran tərəfi bu maddədə göstərilənlərin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşlarına şamil edilməsi imkanlarına baxacaqdır”. Deməli, Azərbaycan tərəfi birmənalı şəkildə dərhal öhdəlik götürür, amma İran tərəfi bu Memorandumda öz üzərinə nədənsə belə bir öhdəlik götürmək istəməyib. Ona görə xahiş edirəm ki, hörmətli Əli Hüseynov bu məsələ barədə izahat versin. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Bu gün qəbul elədiyimiz qərar çox əhəmiyyətli bir məsələyə toxunur. Naxçıvanın cənub tərəfdən sərhədinin cəmi 11 kilometri Türkiyə ilədir, qalan hissəsi isə İranladır. Ancaq çox qəribədir ki, İrana gediş-gəliş müddəti 15 gün, Türkiyəyə isə gediş-gəliş müddəti 30 gündür.
Bu Memorandum təxminən 2000-ci ildə qəbul edilib. Mənim yaxşı yadımdadır. 2000-ci ildən indi 6 il keçib, elə o qüvvədədir, indi də davam edir. Bundan sonra da bu Memorandum 2 illiyə qəbul olunmalıdır. Heç bu, qəbul olunmasa da, 6 il davam eləyən 8 il də davam eləyə bilər.
Bu Memoranduma hökmən müvafiq bəndlər əlavə olunmalıdır. O müvafiq bənd nədən ibarətdir? Doğrudan da, Azərbaycanla İran arasında tarixən çox ciddi əlaqələr olubdur. Orada təxminən 35 milyona yaxın azərbaycanlı yaşayır. Azərbaycanlıların çox az bir hissəsi, təxminən 300 minə yaxını Naxçıvanda yaşayır. Bunların cəmi 45 kilometr o tərəfə və 45 kilometr bu tərəfə keçməsinə icazə verilir. Yaxşı, İran böyük bir ərazidir, onun hər tərəfinə yox, cəmi 45 kilometrinə icazə verilir. Naxçıvan ərazisində isə ən ucqar yer Batabatdır. O da sərhəddən təxminən 60 kilometr məsafədə olar. Demək, belə çıxır ki, Naxçıvanın da bunlar yarısına gələ bilərlər. Yaxşı, sabah bir hadisə olsa, necə ki Türkiyədə oldu, vaxtilə Çanaqqalada olan hadisələr zamanı buradakı azərbaycanlılar öz türk qardaşlarına köməyə getdilər. İndi biz müharibə şəraitində yaşayan bir ölkəyik. Lazım olanda bəlkə onlar da bizə köməyə gəlmək istəyəcəklər. Cəmi 45 kilometr gələ bilərlər, 60 kilometr məsafəyə gəlib çıxa bilməzlər. 45 nə 45-dir? 45 dəqiqə vaxt olar, sinifdə dərs deyərlər. Bu 45-in kilometrə nə dəxli var? Bu hansı meyara uyğundursa, o uyğunluğa görə sərhədin kilometrajına fikir vermək lazımdır.
Burada Rafael müəllim çox gözəl bir məsələyə toxundu. Milli Məclisdə hazırlanmış qanunlarda ciddi orfoqrafik, yaxud üslub nöqsanları olmur. Ancaq bizə Xarici İşlər Nazirliyindən gələn layihələri oxumaq mümkün deyil. Heç bilmirsən hansı dildədir, azərbaycancadır, yoxsa ruscadır. Çünki orada işləyənlərin, əvvəllər, - indi dəqiq bilmirəm, - təxminən 90 faizi rus təhsilli adamlar idi və hazırladıqları qanunlar da elə rusdilli qanunlara oxşayırdı. Bu razılaşma, bu qanun, yəqin ki, İrana da gedəcək. Heç olmasa, ona görə təmiz ədəbi dildə yazılmalıdır.
Bir məsələni də mən xüsusi olaraq qeyd etmək istərdim. Cənubi azərbaycanlılar çox düzgün olaraq Azərbaycan ədəbi dilini, yəni bu saat bizim Azərbaycanda danışılan bu normal ədəbi dili məqbul hesab eləyiblər. Yəni özləri yeni bir ədəbi dil forması yaratmaq istəmirlər. Onlar bu tərəfdə, Şimali Azərbaycanda olan ədəbi normanı çox könüllü şəkildə qəbul eləyirlər. Onlar qəbul eləyirlər, biz öz dilimizin üstündə oyun çıxarırıq. Bu baxımdan Rafael müəllimin təklifini mən çox yüksək qiymətləndirirəm.
Belə qanunların hazırlanmasında çox diqqətli olmaq lazımdır. Əgər bu yeni qəbul olunubsa, bu razılaşma yenidirsə, orada yeni cəhətlər də öz əksini hüquqi mənada tapmalıdır. Bu baxımdan mən belə deyərdim ki, bu qanun çox münasib qanundur və bunun üstündə bir az da dəqiqləşdirmə işləri aparmaq lazımdır. Bunu əhali çox yüksək qiymətləndirir.
Bir məsələ də mənə qəribə gəlir. Orada yazılıb ki, Naxçıvanda yaşayanlar İrana keçə bilərlər. Yəni Azərbaycanın başqa yerlərində yaşayanlar İrana keçə bilməzlər. O gərək hökmən naxçıvanlı ola, ora gedə. Amma iranlının dəxli yoxdur. Haradan olur olsun, gəlib keçə bilər. Heç olmasa bu, Naxçıvanda anadan olanlara da şamil olunsun. Yoxsa elə çıxır ki, ata gedə bilər, oğul gedə bilməz, oğul gedə bilər, bacı gedə bilməz. Burada da qeyri-müəyyənlik var. Bu məsələlərin hamısına...
Sədrlik edən. Çox sağ olun. Aqil Abbasov.
A. Abbasov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bütün deyilənləri qəbul eləyirəm. İki məsələyə münasibətimi bildirmək istəyirəm. Rafael müəllimin dediyi məsələ. Mən Müdafiə Nazirliyinin Nizamnaməsi ilə tanış olmuşam. O nizamnamə heç ingilis dilində də deyil. Mən dilciyəm və ədəbiyyatçıyam. Orada elə sözlər var ki, ha axtardım, heç yerdə o sözü tapa bilmədim. Azərbaycan dilində yoxdur. O cümlədən bizdə qəbul olunan qanunlarda da çoxlu dil xətaları var. Yadınızdamı, bir dəfə İsa Qəmbər dedi ki, qanunların yanından keçib getmək olar. İndi biz də o qəbul olunan qanunlarda dil xətalarının yanından istədiyimiz kimi keçib gedirik. Ziyafət müəllim dedi, bir vergülün dəyişməyi ilə nələr dəyişə bilər.
Bu vəziyyəti düzəltmək üçün heç pul da lazım deyil, komissiya da yaratmaq lazım deyil. Burada olan dilçilər və ədəbiyyatçılar onu oxuya bilərlər. Biri mən, biri Rafael müəllim, biri Sabir müəllim. Bunlar oxuyub, bir balaca öz fikirlərini deyə bilərlər. Bir də hüquqşunaslar termin məsələsini düzəldə bilərlər. Bu mənada hətta heç kəsin heç bir köməyi lazım deyil. Elə biz özümüz bir işçi qrupu yaradıb buna baxa bilərik. Bu bir məsələ.
İkinci bir məsələ. Məni ən çox ağrıdan məsələdir. Dostum İsa Həbibbəyli indicə az qaldı Qurana and içə ki, Naxçıvanda hansısa bir qəbir dağıdılmayıb. Allah, sən saxla, niyə and içməliyik? Kimdən çəkinməliyik? Bütün Qarabağı dağıdıblar, bütün Zəngəzuru dağıdıblar, bütün Göyçəni dağıdıblar. Heç kəsin qarşısında da and içmirlər, heç kəsdən də çəkinmirlər. Biz qorxa-qorxa getdiyimizə görə Avropa da deyir ki, Culfada 2 dənə erməni qəbri dağıdılıb. Əgər dağıdıblarsa, lap yaxşı eləyib dağıdıblar, sağ olsunlar.
Bizim Çəmbərəkənd adlı bir qəbiristanlığımız var idi. Yerini göstərə bilərsinizmi? İndi onun yerində binalar tikilib. Dövlətin qanunları var. Hər hansı bir qəbiristanlıqda müəyyən müddətdən sonra adam basdırılmasa, qanunla onu ləğv eləyirlər. Onda da müraciət eləyirlər, kimin əzizi varsa, babasını götürmək istəyirsə, getsin, o qəbri köçürsün. Duraq biz də ermənilərə müraciət eləyək ki, istəyirsənsə, dədənin qəbrini götür?
İndi Bakıda bir yol açırlar. Çox gözəl bir yol açırlar. Bir balaca qəbiristanlıqdan keçirlər. Bütün qəzetlər, yəni bizi sevməyən, iqtidarı sevməyən qəzetlər gör nə hay-küy qaldırıblar. Yaxşı, iqtidarı sevmirsən, qardaşım, millətini də sevmirsən? Hamı düşüb üstümüzə ki, orada 5 dənə erməni qəbri dağılıb. İfadəmə görə üzr istəyirəm, cəhənnəmə dağılıb. Bu mənada heç kimdən qorxmaq lazım deyil. Əgər Culfada iki erməni qəbri varsa, onu kim götürübsə, onun əlinə qurban olum. Bundan çəkinmək lazım deyil. Biz qaçırıq, onlar da üstümüzə gəlirlər. Onlar mənim babamın, anamın, qardaşımın qəbrini dağıdıblar. Mən onları məhkəməyə verə bilmirəm, amma onlar məni verə bilərlər? Bundan çəkinmək lazım deyil. Avropa Birliyi də sənəd qəbul elədi ki, bəs orada erməni qəbiristanlığı olub. Yaxşı eləmişik. İfadələrimə görə üzr istəyirəm, bir az kəskin danışıram. Bu mənada heç kimdən çəkinmək lazım deyil, nə Avropa İttifaqından, nə də Avropa Birliyindən.
Azərbaycanı Azərbaycan xalqı idarə edir, onun Prezidenti idarə edir və bu millət vəkilləri ona kömək eləyirlər. Niyə çəkinməliyik? Bizim evimiz dağılmalıdır, onlar üzr istəməməlidirlər. Amma İsa Həbibbəyli kimi bir professor az qalır Qurana and içsin ki, orada iki dənə erməni qəbri dağılmayıb. Dağılıb, yaxşı olub. Sözünüzü həmişə ürəklə deyin və erməni Köçəryan İlham Əliyevin qabağından qaçdığı kimi, xalqı da Azərbaycan xalqının qabağından qaçacaq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aqil müəllim, biz burada hamımız yaxşı danışırıq. Düz deyirsən, heç kimdən çəkinmək, qorxmaq lazım deyil. Amma söhbət ondan gedir ki, biz güclü işləməliyik. Bizim qəbiristanlıqlar da dağıdılıb, abidələrimiz də dağıdılıb. Biz indiyə kimi çox zəif işləmişik. Avropa Parlamentində də, Avropa Şurasında da. Dünən mən Rafael müəllimin AŞPA-ya üç məktubunu tapdım. Beynəlxalq təşkilatlara ünvanlanmış başqa heç bir məktub, heç bir müraciət tapa bilmədik. Əsas bu işə güc verməliyik. Biz o qətnamənin ləğv olunması üçün adekvat hərəkət eləmirik. Birinci, Culfada heç bir qəbiristanlıq dağıdılmayıb. Dağıdılan qəbiristanlıqlar Dağlıq Qarabağdadır, Ermənistan torpaqlarındadır. Ancaq bu istiqamətdə özümüz güclü işləməliyik. Biz işi axıra çatdırmalıyıq. Ermənilər, erməni lobbisi Avropa Parlamentində belə bir qətnamənin qəbul edilməsinə nail oldular. İndi biz fəal işləməliyik ki, bu qətnaməni ləğv eləyək. Eldar müəllim, buyurun.
E. İbrahimov. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkillərinə, həmkarlarıma mən çox minnətdaram ki, Naxçıvanla əlaqədar olaraq bu Memoranduma bu qədər böyük diqqət yetirdilər və hər biri ürək yanğısı ilə öz ürək sözlərini dedi. Naxçıvanın blokada vəziyyətindən çıxarılmasına bir növ xidmət edən bu Memorandum İran prezidentinin Naxçıvana səfəri zamanı bağlanıb.
Burada Azərbaycanla əlaqədar söhbət getdi. Mən şəxsən onun tərəfdarıyam ki, Azərbaycanla bundan da artıq memorandumlar bağlansın. Lakin, təbii ki, bu gün Astaradan, Biləsuvardan keçid məntəqəsi olan bir vaxtda astaralı, lənkəranlı gedib Naxçıvandan keçməyəcək. Bu Memorandum ancaq sırf Naxçıvanla əlaqədardır və onun üçün böyük əhəmiyyət kəsb edir.
Bu gün sizin dəstəyinizlə bu Memorandumu burada təsdiq eləyirik. Yəqin ki, İran parlamenti də bunu təsdiq eləyəcək. Ondan sonra bu sadələşdirilmiş viza rejimi tətbiq olunacaq. Mən sözümü bununla yekunlaşdırır və hörmətli deputat həmkarlarıma Naxçıvandan seçilən bir deputat kimi öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim burada səslənən suallara cavab versin, sonra səsə qoyarıq.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bu Memorandumun millət vəkillərinin belə böyük marağına səbəb olması təbiidir. Çünki söhbət ilk növbədə uzun illər blokada şəraitində yaşayan Naxçıvan vətəndaşlarının durumunun yaxşılaşdırılmasından gedir. Hesab edirəm ki, bu, vaxtında imzalanmış bir memorandumdur. Bu baxımdan da millət vəkillərinin çıxışları, bəzən də bu mövzu ətrafında açılan polemikalar təbiidir.
Zənnimcə, millət vəkillərinin - İsa müəllimin, Asim müəllimin, Siyavuş müəllimin qaldırdığı digər bir vacib məsələ, yəni Türkiyə ilə olan münasibətlərdə də sadələşdirilmiş viza rejiminə keçid gündəmdə olan məsələdir. Elə bilirəm ki, hər iki ölkənin diplomatik strukturları bu sahədə addımlar atacaqlar.
Burada səslənmiş dil, üslub nöqsanları barədə fikirlərlə də razılaşmamaq olmur. Bu, həqiqətən də belədir. Bu məsələni Rafael müəllim qaldırdı. Əvvəllər yadınızdadırsa, cənab Sədr, ümumiyyətlə, Xarici İşlər Nazirliyindən sənədlər heç Azərbaycan dilində təqdim olunmurdu, rus dilində təqdim olunurdu. Sonradan bu məsələlər qaldırıldı. Yeni rəhbərin dövründə xüsusi bir qurum, tərcümə sektoru yaradılıb. İndi də bu nöqsanlar var. Mən və Səməd müəllim, yəqin ki, bunu Xarici İşlər Nazirliyinin diqqətinə çatdırarıq. Bu, hökumət adından imzalanır, parlamentdə ratifikasiya olunur və çalışmaq lazımdır ki, bu cür nöqsanlar olmasın.
8-ci maddə ilə bağlı Pənah Hüseynin dediyi fikirlər komissiyada müzakirə zamanı mənim də diqqətimi cəlb etmişdi. Ona görə də bu barədə Xarici İşlər Nazirliyi ilə danışdım. Söhbət ondan gedir ki, 8-ci maddədə iki mütləq öhdəlik Azərbaycan üzərindədir. Hava limanında viza verilməsi məsələsi açıqdır. Azərbaycan tərəfi baxır, İran tərəfi, ümumiyyətlə, bu 3 məsələ ilə bağlı imkanlar çərçivəsində baxacaq. Bu sualı mən də vermişdim. Cavab belə oldu ki, bütövlükdə Memorandumun imzalanmasında Azərbaycan tərəfi daha çox maraqlıdır. Söhbət Naxçıvanın blokada şəraitinin yüngülləşdirilməsindən gedir. Bu baxımdan beynəlxalq müqavilələrdə bəzən bir tərəf digər tərəfdən daha çox öhdəlik götürmüş olur. Ümumiyyətlə, bu Memorandumun Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğu nəzərə alınarsa, 8-ci maddədə bizim geri çəkilməyimizi qəbul etmək olar.
Bütövlükdə hesab edirəm ki, bu çox vacib bir Memorandumdur. Əsas məqsəd barədə millət vəkilləri özləri də dedilər - blokada şəraitinin aradan qaldırılmasına yardım etmək, Naxçıvan vətəndaşlarının onsuz da ağır olan şəraitini yüngülləşdirmək. Bu, dövləti marağımızdır. Ona görə də ilk addım, amma ilk böyük bir addım olaraq bu Memorandumu təsdiq etmək lazımdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Mənə elə gəlir ki, deputatların suallarına cavablar verildi. Mən ona tərəfdaram ki, səsə qoyaq, bu məsələyə münasibətimizi bildirək. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.04 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 98
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, biz günün birinci yarısında 3 beynəlxalq sazişə fasilədən sonra baxılmasını razılaşdırdıq, dedik ki, bəzi qrafikləri bizə monitorda göstərəcəklər. İcazənizlə, gündəlikdəki 6, 7 və 8-ci məsələlərin müzakirəsinə başlayaq. Bir yerdə müzakirə edək, ayrı-ayrı səsə qoyaq. Söz verilir Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyanın sədri Valeh Ələsgərova. Bu məsələlərin müzakirəsində “Azərsu” şirkətinin prezidenti Nizaməddin Rzayev və vitse-prezidenti Fərid Məmmədov da iştirak edirlər. Suallar olarsa, cavab verə bilərlər.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri.
Hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Prezidenti tərəfindən kiçik şəhərlərdə su təchizatı və kanalizasiya sistemi layihəsi ilə bağlı Asiya İnkişaf Bankı ilə imzalanmış kredit sazişləri və icra ilə əlaqədar layihə sazişi təsdiq edilmək üçün Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq qeyd edilən layihə, imzalanmış sazişlər və bu sənədlər çərçivəsində görüləcək işlər barədə sizə məlumat vermək istəyirəm.
2001-ci ildə Azərbaycan hökuməti Asiya İnkişaf Bankına ölkənin şəhərlərində su təchizatı və kanalizasiya problemlərinin həlli ilə bağlı yardım üçün müraciət etmişdir. Həmin ilin iyul ayında bankın müvafiq missiyasının araşdırmalarından sonra 2002-ci ilin sentyabrında texniki yardım haqqında layihə başlanmışdır. Texniki yardımın əsas məqsədləri kiçik şəhərlərdə su təchizatı və kanalizasiya sektorunu təhlil etmək və bankın mümkün maliyyələşdirməsi üçün ölkənin tərtib etdiyi ilkin siyahıdan 3 şəhəri seçərək onlar üçün texniki, iqtisadi əsaslandırmaları hazırlamaq olmuşdur. Bu 3 şəhərin seçilməsinə həm də pilot layihəsi kimi baxılır.
Bu layihələrin texniki-iqtisadi əsaslandırılmasına başlandığı zaman Azərbaycan hökuməti tərəfindən təqdim edilmiş 13 şəhər - Ağsu, Ağdaş, Göyçay, Saatlı, Sabirabad, Salyan, Zərdab, Kürdəmir, Mingəçevir, Əli Bayramlı, Yevlax, Naxçıvan, Lənkəran üzrə Asiya İnkişaf Bankı və Azərbaycan Respublikası Hökuməti tərəfindən qiymətləndirmə işləri aparılmışdır. Qiymətləndirmə aşağıdakı meyarlara əsaslanmışdır - yoxsulluğun azaldılmasına maksimum təsir, investisiya alternativləri və onlara çəkilən xərclərin təsir dərəcəsi, xərclərin ödənilməsi və maliyyə davamlılığı, yerli hakimiyyət orqanlarının layihə ilə bağlı öhdəlikləri və birgə vəsaitlərin mövcudluğu.
Qeyd olunan meyarlar əsasında aparılan regional təhlillər nəticəsində layihənin həyata keçirilməsi üçün 13 şəhərdən birinci mərhələ olaraq Göyçay, Ağdaş və Naxçıvan şəhərləri seçilmişdir. İlk növbədə bu 3 şəhərdə birinci mərhələ olaraq su təchizatı və kanalizasiya layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Beləliklə, gələcəkdə bütövlükdə ölkə üzrə su təchizatı və kanalizasiya layihələrinin hazırlanması və reallaşdırılması üçün müvafiq baza formalaşmış olacaqdır. Bu 3 şəhər üzrə həyata keçirilən su təchizatı və kanalizasiya layihəsi nəticəsində qazanılmış təcrübə və uğurlu əməkdaşlıq tərəflər arasında gələcək layihələr üçün zəmin yaradacaqdır.
Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən bu layihə 1999-cu ildə qəbul edilmiş “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli 4 saylı fərmanı və 2002-ci ilin mart ayında imzaladığı 893 saylı sərəncamının tələblərinə tam şəkildə uyğundur və Azərbaycan dövlətinin bu sahədə apardığı siyasətin davamıdır.
İndi isə icazənizlə, seçilmiş 3 şəhərin hər birində layihə çərçivəsində görüləcək işlər barədə məlumat vermək istərdim. Göyçay şəhəri üzrə nəzərdə tutulan işlərə artezian quyuları, paylayıcı sistem, şəbəkələr, magistral boru xətləri, su anbarları, bütün yaşayış evlərində və çoxmərtəbəli binalarda quraşdırılacaq su sayğacları, çirkab sutəmizləyici qurğular və kanalizasiya kollektorları daxildir. Layihə həmçinin texniki yardımın və potensialın gücləndirilməsi, o cümlədən proqram təminatı və nəzarət üzrə təlimlər, maliyyə vəsaitlərinin idarə edilməsi, hesabatların təqdim edilməsi və xidmət haqqının yığılması sisteminin yaxşılaşdırılması, istehlakçıların maarifləndirilməsi və məlumatlandırılmasını təmin etmək məqsədi daşıyır.
Göyçay əhalisinin, demək olar ki, 70 faiz su təchizatı sisteminə qoşulmasına baxmayaraq, onların böyük əksəriyyətinə keyfiyyətli içməli su sabit surətdə verilmir. Elektrik enerjisi təchizatında meydana çıxan problemlərlə əlaqədar olaraq artezian quyularının nasosları tez-tez sıradan çıxır, su sabit qrafiklə verilmədiyindən çoxmərtəbəli binaların sakinləri xüsusilə çətinlik çəkirlər. Dağılmaqda olan paylayıcı sistemlə bərabər burada küçə su kranları, birgə istifadə edilən borular və saysız-hesabsız qanunsuz birləşmələr vardır. Nəticədə şəhər su ilə etibarlı surətdə təmin olunmur.
Göyçayın kanalizasiya sistemi çətinliklə istismar olunur. Burada təmizləyici qurğular tamamilə sıradan çıxmışdır. Nəticədə çirkab sular təmizlənmədən yerli su hövzələrinə axıdılır. Aydındır ki, təkmilləşdirilmiş su təchizatı sistemi yaradılarsa, su daha çox və davamlı olduğundan çirkab suları daha da artacaqdır. Bu səbəbdən su təchizatı ilə yanaşı, kanalizasiya sisteminin də yenidən qurulması nəzərdə tutulmuşdur.
Bununla əlaqədar olaraq layihə çərçivəsində Göyçay şəhəri üzrə aşağıdakı işlər nəzərdə tutulmuşdur. Su təchizatı sahəsində 5 artezian quyusunun qazılması və tikintisi yarımçıq qalmış iki artezian quyusunda işlərin başa çatdırılması, 346 kilometr paylayıcı xəttin dəyişdirilməsi, 3 su anbarı, hər biri 1000 kubmetr lokator binasının tikilməsi, nasos stansiyasının tikintisi, su anbarları sahəsində 2 ofis binası, anbarlar və emalatxananın tikintisi, istismar avadanlığının və texnikasının alınması, 7100 ədəd məişət su sayğacının quraşdırılması, ehtiyat enerji generatorunun quraşdırılması.
Şəhərin kanalizasiya sahəsində isə belə nəzərdə tutulmuşdur ki, çirkab sular axıdılaraq bioloji ikipilləli təmizləmə gölməçələrinə nəql ediləcəkdir. Bunlar hazırda Böyük Britaniya və Amerika Birləşmiş Ştatları kimi inkişaf etmiş ölkələrdə geniş şəkildə tətbiq edilən sistemlərdən ibarət olacaqdır. Tam təmizlənmiş çirkab suları isə Arvan çayına axıdılacaqdır. Şəhər kanalizasiya şəbəkəsinin 12 kilometr hissəsi yenidən qurulacaqdır və yeni 2 ədəd nasos stansiyası tikiləcəkdir. Göyçay şəhəri üzrə nəzərdə tutulan ümumi investisiya xərcləri 8 milyon Amerika Birləşmiş Ştatları məbləğində qiymətləndirilir.
Ağdaş şəhəri üzrə layihə çərçivəsində görüləcək işlərə əsas etibarilə artezian quyuları, paylayıcı sistem, şəbəkələr, magistral boru xətləri, su anbarları, bütün fərdi evlərdə və çoxmərtəbəli yaşayış binalarında qurulacaq su sayğacları, çirkab sutəmizləyici qurğular və kanalizasiya kollektorları daxil olacaq. Layihə həmçinin texniki yardım və potensialın gücləndirilməsini, o cümlədən proqram təminatı, müşahidə və nəzarət üzrə təlimləri, maliyyə vəsaitlərinin idarə edilməsini, hesabların təqdim edilməsi və xidmət haqqının yığılması sisteminin yaxşılaşdırılması və istehlakçıların maarifləndirilməsi və məlumatlandırılmasını təmin edəcəkdir.
Ağdaş şəhərində su təchizatı və kanalizasiya Göyçay şəhəri ilə eyni səviyyədə problemlərlə üzləşir. Ona görə bunları xırdalamaq istəmirəm. Bu problemlərin aradan qaldırılması və şəhərin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi üçün layihə çərçivəsində nəzərdə tutulmuş işlərə aşağıdakılar daxildir: su təchizatı sahəsində 3 ədəd artezian quyusunun qazılması, hər biri 750 kubmetr həcmində 3 ədəd su anbarının tikilməsi, şəhər su şəbəkəsinin 56,5 kilometr hissəsinin dəyişdirilməsi, 5200 ədəd məişət su sayğacının quraşdırılması, ehtiyat enerji generatorunun quraşdırılması, artezian quyuları sahəsində iki yeni inzibati binanın tikilməsi, emalatxana, anbarlar, yolların tikilməsi və sistemin istismarı üçün avadanlıqların təchizatı.
Kanalizasiya sistemi sahəsində 48 kilometr uzunluğunda kanalizasiya borularının quraşdırılması, 3 bioloji gölməçənin yenidən qurulması və yeni texnologiyaların tətbiqi və 2 nasos stansiyasının tikilməsi. Ağdaş şəhəri üzrə layihə çərçivəsində nəzərdə tutulan ümumi investisiya xərcləri 11,5 milyon Amerika Birləşmiş Ştatları dolları məbləğində qiymətləndirilir.
Naxçıvan şəhəri üzrə. Texniki-iqtisadi əsaslandırmanın nəticələri göstərmişdir ki, burada etibarlı su təchizatı və kanalizasiya xidmətlərinə tələbat çox yüksəkdir. Hazırkı su mənbəyi Naxçıvan çayının yatağında quraşdırılmış bir neçə drenaj qurğularından ibarətdir. Şəhərdən 11 kilometr aralıqda yerləşən mənbədən külli miqdarda suyun götürülməsinə baxmayaraq suyun çox hissəsi sızmalar nəticəsində itir. Su şəhərə nəql etdirildiyi zaman rezervuarlarda cüzi miqdarda su ehtiyatı olduğundan təzyiqin tənzimlənməsi mümkün deyildir. Bu səbəbdən çox böyük sayda istehlakçı davamlı şəkildə su ilə təmin edilmir.
Naxçıvan şəhərinin kanalizasiya sisteminin istismarında da çox problemlər mövcuddur. Hazırda təmizlənməmiş çirkab sular Araz çayının əmələ gətirdiyi gölə axıdılır. Kanalizasiya sistemi çox məhduddur və şəhərin çox kiçik bir hissəsinə xidmət edir. Böyük miqdarda su səmərəsiz axıdıldığından və uçota alınmayan su məsrəfləri kanalizasiya sisteminə daxil olduğundan kanalizasiya sistemində axın həddindən artıqdır, mövcud təmizləyici qurğular sıradan çıxmışdır.
Naxçıvan şəhəri üzrə su təchizatı və kanalizasiya layihəsinin başlıca məqsədi etibarlı, içməli su standartlarına uyğun və kifayət miqdarda su təchizatı və kanalizasiya sistemini təmin etməklə şəhər əhalisinin sağlamlığını və yaşayış tərzini yaxşılaşdırmaqdan ibarətdir.
Layihənin məqsədlərinə aşağıdakı vasitələrlə nail olmaq nəzərdə tutulur. Əhalinin hazırkı tələbatına cavab verməyən köhnəlmiş və çox hissəsi yararsız vəziyyətə düşmüş sistemi əvəz edən təkmilləşdirilmiş, effektiv və uyğun ölçülərə malik su və kanalizasiya infrastrukturunun təmin edilməsi, bu xidmətlərin lazımi səviyyəyə çatdırılması və qorunub saxlanması üçün yerli potensialın gücləndirilməsi, suyun bütün istehlakçılara öz axımı ilə daha yaxşı çatdırılması üçün başlıca mövqelərdə zəncirvari sistemin yaradılması məqsədi ilə yeni basqı rezervuarlarının tikintisi və mövcud rezervuarların bərpa edilməsi və onların bir-biri ilə əlaqələndirilməsi. Sızmaların azaldılması üçün paylayıcı sistemin əsas hissələri bərpa edilərək çoxmərtəbəli binalara suyu öz axını ilə təchiz etmək üçün yeni dairəvi magistral boru xəttinin çəkilməsi də nəzərdə tutulur. Su sayğaclarının tətbiq edilməsi və mərkəzi su kəməri şəbəkəsindən bütün ev təsərrüfatlarının istifadə etməsi üçün yeni birləşdirilmələrin təmin edilməsi nəzərdə tutulubdur.
Qeyd olunan məqsədlər çərçivəsində Naxçıvan şəhərində layihə üzrə aşağıdakı işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Su təchizatı sahəsində 23,3 kilometr uzunluğu olan yeni magistral su xəttinin tikintisi, hər biri 2 kubmetr həcmində 4 ədəd su anbarının tikilməsi və mövcud 6 su anbarının təmiri, hər biri 1000 kubmetr həcmində paylayıcı su şəbəkəsinin 69 kilometr hissəsinin dəyişdirilməsi, 14200 ədəd məişət su sayğacının quraşdırılması, yeni inzibati binanın, emalatxananın, anbarların, yolların tikilməsi və istismar avadanlıqlarının təchizatı.
Kanalizasiya sahəsində 61 min kilometr uzunluğunda kanalizasiya borularının qoyulması, 3 bioloji gölməçənin yenidən qurulması və yeni texnologiyaların tətbiqi nəzərdə tutulubdur. Naxçıvan şəhəri üzrə layihə çərçivəsində nəzərdə tutulmuş ümumi investisiya xərcləri 20,4 ABŞ dolları məbləğində qiymətləndirilmişdir.
Görülən işlərin nəticəsində Ağdaş, Göyçay və Naxçıvan şəhərlərində beynəlxalq standartlara uyğun su təchizatı və kanalizasiya sistemi yaradılacaq, şəhərlərin əhalisi tam şəkildə əhatə olunmaqla göstərilən xidmətlərin və verilən suyun keyfiyyəti beynəlxalq normalara cavab verəcəkdir. İmzalanmış sazişlərə müvafiq olaraq, Ağdaş və Göyçay şəhərlərində yuxarıda qeyd olunan işlər “Azərsu” Səhmdar Cəmiyyəti, Naxçıvan şəhərində isə Naxçıvan Muxtar Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən həyata keçiriləcəkdir.
Diqqətinizə təqdim olunmuş layihədə yuxarıda göstərilən şəhərlərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə yanaşı, institusional islahat komponenti də nəzərdə tutulmuşdur. Bu islahatın məqsədi effektiv, davamlı və uzunmüddətli əməliyyatların həyata keçirilməsinə, təcrübəli idarəetmə sisteminə malik xidmət sahələrinin yaradılmasına gətirib çıxaran sabit idarəetmə modelinin yaradılmasından ibarətdir. Qəbul olunan model bu sektorda hökumətin apardığı islahatlar üçün ayırdığı vəsaitə, beynəlxalq donorların və Asiya Bankının siyasətinə uyğun olmalıdır. Bu komponentə birinci, layihə şəhərlərində açıq tipli, ya da açıq səhmdar cəmiyyətlər formasında, yeni su təchizatı və kanalizasiya xidmətlərinin yaradılması və ikinci, bu sahədə beynəlxalq istismar şirkətinin cəlb edilməsi yolu ilə idarəetmə və istismar potensialının gücləndirilməsi daxil olacaqdır.
Üç şəhərdə həyata keçiriləcək layihə pilot xarakteri daşıyır və ümumilikdə sektorda həyata keçiriləcək islahatlar üçün baza rolunu oynayacaqdır. Bu məqsədlə layihə çərçivəsində tikinti işlərinin başa çatdırılmasına 1 il qalmış su təchizatı və kanalizasiya xidmətlərinin vəziyyətdən asılı olaraq 3-5 il müddətinə idarə olunması və yerli işçi heyətinin öyrədilməsi məqsədi ilə əməkdaşlıq üçün beynəlxalq istismar şirkətinin, yəni beynəlxalq səviyyədə təcrübəsi olan istismar şirkətinin cəlb olunması nəzərdə tutulub.
Şəhər su istifadəçiləri assosiasiyası yaradılması nəzərdə tutulmuşdur. Şəhər su istifadəçiləri assosiasiyası müvafiq şəhərlərdə su təchizatı və kanalizasiya xidmətləri istifadəçilərinin maraqlarının qorunması və dəstəklənməsi məqsədi ilə yaradılaraq istehlakçı tələblərinin və keyfiyyətli xidmətin təmin edilməsində vacib tərəfdaş kimi çalışacaqdır. Şəhər su istifadəçiləri assosiasiyası ictimai təşkilat formasında təsis ediləcəkdir, istənilən su təchizatı və kanalizasiya xidməti istifadəçisi bu təşkilata üzv ola biləcəkdir. Asiya İnkişaf Bankı bu məqsədlə eksperimental işlərin həyata keçirilməsi üçün müvafiq zamanda qrant vəsaiti ayıracaqdır. Şəhər su istifadəçiləri assosiasiyası su təchizatı və kanalizasiya xidmətlərinin səmərəli istifadəsi ilə bağlı üzvlər arasında məlumatlandırma xarakterli tədbirlər keçirəcək, yaradılacaq səhmdar cəmiyyətlər və istehlakçılar arasında səmərəli qarşılıqlı münasibətlərin təşəkkül tapmasında mühüm rol oynayacaqdır.
Hörmətli millət vəkilləri! İndi isə Asiya İnkişaf Bankının kreditlərinin maliyyələşmə şərtləri və imzalanmış sazişlərin əsas şərtləri barədə məlumatları diqqətinizə çatdırmaq istərdim. Yuxarıda göstərilən 3 şəhər üzrə su təchizatı və kanalizasiya layihəsi çərçivəsində ümumilikdə 39,9 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsaitin təxminən 30 milyon ABŞ dolları məbləğində hissəsi müzakirənizə təqdim olunan Azərbaycan Respublikası və Asiya İnkişaf Bankı arasında bağlanmış iki kredit sazişi vasitəsi ilə, 9,9 milyon ABŞ dolları məbləğində hissəsi isə Azərbaycan Respublikası Hökuməti tərəfindən təmin ediləcəkdir. 30 milyon ABŞ dolları deyəndə mən “təxminən” sözünü işlətdim. Bunu da sonra izah edərəm. Bəzi hissəsi valyuta səbəti şəklində təqdim olunacaqdır. Ona görə “təxminən” sözünü işlətdim.
Asiya İnkişaf Bankı tərəfindən təqdim olunan kredit iki hissəyə bölünür. “Xüsusi əməliyyatlar” adlı birinci saziş üzrə imzalanma günündən etibarən 8 il güzəştli olmaqla 32 il müddətinə 20 milyon dollar həcmində kredit təqdim olunur. Güzəşt müddəti ərzində kreditin əsas hissəsi ödənilmir, ancaq faiz hissəsi ödənilir, güzəşt müddətində illik 1 faiz, qalan müddət ərzində isə illik 1,5 faiz dərəcəsi tətbiq ediləcəkdir. “Adi əməliyyatlar” adlı ikinci saziş üzrə imzalanma günündən etibarən 6 il güzəştli olmaqla 25 il müddətinə 10 milyon dollar həcmində kredit təqdim olunur. Bu məbləğdə kreditin istifadə olunmuş hissəsi üzrə illik libor + 0,6 faiz dərəcəsi və istifadə olunmamış hissəsi üzrə illik 0,75 faiz öhdəlik haqqı veriləcəkdir. Hər iki saziş üzrə kredit məbləğləri güzəşt dövrləri sona çatdıqdan sonra qalan kredit dövrü üzrə müvafiq olaraq sazişlərin “Əlavə 2” və “Əlavə 1” hissələrində göstərilmiş şəkildə ödəniləcəkdir.
Qeyd olunan layihə üzrə 2005-ci il noyabrın 29-da Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında Kredit haqqında Saziş (Xüsusi Əməliyyatlar), Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında Kredit haqqında Saziş (Adi Əməliyyatlar) və Asiya İnkişaf Bankı ilə “Azərsu” Səhmdar Cəmiyyəti arasında Layihə haqqında Saziş imzalanmışdır.
Xüsusi əməliyyatlarla bağlı kredit sazişi çərçivəsində Azərbaycan Respublikasına Asiya İnkişaf Fondundan xüsusi borclar hüququ əsasında təqribən 20 milyon ABŞ dollarına bərabər 13 milyon 580 min vahid həcmində güzəştli kreditin ayrılması nəzərdə tutulur. 20 milyonla 13 milyon 580 minin arasındakı fərqi izah eləmək üçün deyim ki, Beynəlxalq Valyuta Fondu tərəfindən müəyyən edilən valyuta səbətinə ABŞ dolları, Britaniya funtu və avro daxildir. Bu da iki tərəfin marağını qoruyur. Çünki valyuta məzənnəsi dəyişilərsə, valyutaların bir-birinə nisbəti bir o qədər də dəyişməyəcək. Bu hər iki tərəf üçün əlverişli şərait yaradır. Kredit əsasında faiz ödənişləri güzəşt müddəti ərzində, yəni 8 il ərzində 1 faiz olur, qalan müddət ərzində isə illik 1,5 faiz olacaqdır.
Təqdim olunan kreditin bir hissəsi - 7 milyon 877 mini Azərbaycan Respublikası tərəfindən büdcə vəsaitlərinin bölüşdürülməsi şəklində “Azərsu” Səhmdar Cəmiyyətinə və Naxçıvan Muxtar Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinə veriləcək. Bu qurumlar isə öz növbəsində həmin vəsaitləri sazişlərdə qeyd olunmuş həcmlərdə müvafiq olaraq yaradılacaq Ağdaş, Göyçay və Naxçıvan açıq tipli səhmdar cəmiyyətlərinə təqdim edəcəklər. Kreditin digər hissəsi, yəni 5 milyon 428 mini isə borcalan tərəfindən “Azərsu” Səhmdar Cəmiyyətinə təkrar kredit şəklində veriləcəkdir. Bu kredit 6 ili güzəştli olmaqla, 25 il müddətinə illik 2,5 faiz dərəcəsi ilə təqdim olunacaqdır. Eyni zamanda, xüsusi əməliyyatlarla bağlı kredit sazişinin müddəalarına görə “Azərsu” tərəfindən bu məbləğin eyni şərtlərlə yeni yaradılacaq Ağdaş və Göyçay səhmdar cəmiyyətlərinə təqdim edilməsi tələb olunur.
Adi əməliyyatlarla bağlı kredit sazişi çərçivəsində Azərbaycan Respublikasına adi kapital resurslarından 10 milyon ABŞ dolları həcmində kreditin ayrılması nəzərdə tutulmuşdur. “Adi kapital resursları” sözlərini işlətdiyimə görə kiçik bir izahat verim. Bankın xüsusi əməliyyatlar fondu var, adi əməliyyatlar fondu var. Bu fondlardan verilən kreditlərin birinci hissəsi daha güzəştli şəkildə, ikinci hissəsi isə bazar şəraitinə daha yaxın olan şərtlərlə verilir. 10 milyon ABŞ dolları həcmində kreditin ayrılması nəzərdə tutulmuşdu. Adi əməliyyatlar çərçivəsində ayrılan kredit illik libor+0,6 faiz dərəcəsi ilə qaytarılmalıdır.
Kreditin əsas hissəsi, yəni 9 milyon 275 min ABŞ dolları sazişdə nəzərdə tutulmuş şərtlərlə borcalan tərəfindən yaradılacaq Naxçıvan Açıq Tipli Səhmdar Cəmiyyətinə təkrar kredit şəklində veriləcəkdir. Bu təkrar kredit 6 il güzəştli olmaqla 25 il müddətinə illik 2,5 dərəcəsi ilə təqdim olunacaqdır. Təkrar kredit nə deməkdir - Asiya İnkişaf Bankı Azərbaycan hökumətinə kredit verir, Azərbaycan hökuməti isə bu qurumlara kredit verir.
“Azərsu” Açıq Tipli Səhmdar Cəmiyyəti ilə Asiya İnkişaf Bankı arasında imzalanmış sazişin məqsədi Göyçay və Ağdaş şəhərlərində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı “Azərsu” Səhmdar Cəmiyyətinin üzərinə düşən öhdəliklərdən ibarətdir. Sazişə uyğun olaraq “Azərsu” layihəni Asiya İnkişaf Bankına məqbul olan planlar, standartlar, spesifikasiyalar, iş cədvəlləri və tikinti metodları əsasında həyata keçirməlidir. Eyni zamanda, “Azərsu” Səhmdar Cəmiyyəti görülmüş işlər barədə vaxtaşırı məlumat verməli, bank üçün məqbul olan plan, standart, spesifikasiya və tikinti metodları əsasında fəaliyyət göstərməli, qurğuların sığortalanmasını təmin etməli, layihə üzrə ayrıca hesablar saxlamalı, bu hesabların müstəqil auditinin aparılmasını təmin etməli və digər müqavilə şərtlərini yerinə yetirməlidir.
Nəzərinizə çatdırmaq istərdim ki, layihənin icrası zamanı işlərin gedişatına və kredit vəsaitlərinin xərclənməsinə Asiya İnkişaf Bankı tərəfindən daimi nəzarət olunacaqdır. Bu isə “Azərsu” Səhmdar Cəmiyyətinin və bu şəhərlərdə yaradılmış səhmdar cəmiyyətlərin məsuliyyətini artırır, layihə üzrə işlərin ən yüksək standartlarla həyata keçirilməsini təmin edir.
Diqqətinizə təqdim olunan qanun layihələrinin Təbii Ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasında ətraflı müzakirəsi zamanı “Azərsu” Səhmdar Cəmiyyətinin 2005-ci ildə gördüyü işlər və cari ildə planlaşdırdığı fəaliyyət barədə bir çox suallar meydana çıxmışdır. Bu sualların bəziləri burada da meydana çıxa bilər. Bununla əlaqədar olaraq, cəmiyyətin 2005-ci ildə Bakıda və respublikamızın rayonlarında büdcə və daxili imkanlar hesabına gördüyü işlər və 2006-cı il üzrə planlaşdırdığı fəaliyyət barədə qısa məlumatı nəzərinizə çatdıra bilərəm. Yəni görülən işlər haqqında da, yeni planlar haqqında da məlumat var. Bakı su ilə necə təmin olunacaq, bu layihələr başqa şəhərlərdə necə keçiriləcək. Büdcə hesabına, kreditlər hesabına, daxili imkanlar hesabına. Ehtiyac yoxdursa, mən bu hissənin üstündən keçim. Bircə şey deyim ki, başqa şəhərlərdə, başqa yaşayış məntəqələrində bu işlərin həyata keçirilməsi üçün Dünya Bankı, Asiya İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı və başqa maliyyə qurumları ilə danışıqlar davam eləyir.
Mənim fikrimcə, müzakirəmizə təqdim olunmuş bu layihə Azərbaycan Respublikasının mənafeyinə uyğundur. Olduqca mütərəqqi layihədir və əhalinin sosial-iqtisadi rifahına çox müsbət təsir göstərəcəkdir. Komissiya bu fikirlə həmrəydir və sizin dəstəyinizi gözləyir. Ümidvaram ki, dəstəyiniz olacaqdır.
Qeyd etmək istərdim ki, layihə sınaq xarakteri daşıyır. Uğurlu şəkildə həyata keçirildikdən sonra bu layihələr gələcəkdə respublikamızın digər rayonlarında və Bakı şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi, yeni mütərəqqi idarəetmə sisteminin yaradılması və fəaliyyəti üçün əhəmiyyətli təcrübə yaradacaqdır. Bununla əlaqədar olaraq hər 3 sazişin təsdiq edilməsi barədə qanun layihələrinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Səməd müəllim, Siz də münasibətinizi bildirin, sonra müzakirələrə keçək.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Hörmətli Valeh müəllim görüləcək işlər haqqında bizə çox ətraflı, konkret məlumat verdi. Hesab edirəm ki, bu sazişlərin təsdiq edilməsi həddindən artıq vacibdir. Yəqin ki, millət vəkilləri də müsbət fikirlərini bildirəcəklər. Biz Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyası olaraq 3 sazişin üçünü də nəzərdən keçirib müzakirə etmişik. Təbii ki, bunlar Azərbaycanın maraqlarına uyğun olan, çoxdan gözlənilən və böyük əhəmiyyətə malik sazişlərdir. Bu işlər çoxdan görülməliydi. Biz həmişə beynəlxalq standartlardan, Azərbaycanı beynəlxalq səviyyəyə yüksəltməkdən danışırıq. Ancaq belə problemlərin Azərbaycanda mövcudluğu bizi irəli getməyə qoymur. Ona görə bu cür sazişlər bizim üçün vacib və əhəmiyyətlidir.
Komissiyada müzakirə zamanı bir neçə məsələ qaldırıldı. Burada, yəqin ki, eşitdiniz, Valeh müəllim kreditlərin verilməsi şərtləri haqqında danışarkən kreditlərin monitorinqi məsələsinə də toxundu. Bu kreditlərin monitorinqi bizim üçün çox əhəmiyyətlidir. Ona görə ki, biz qarşımızda dayanan məsələlərin həyata keçirilməsində nə qədər maraqlıyıqsa, verilən kreditlərdən məqsədyönlü istifadə olunmasında da bir o qədər maraqlıyıq. Biz istəyirik ki, alınan kredit təqdim olunan layihələr və sxemlər üzrə sərf edilsin, Azərbaycan xalqına xeyir gətirsin və Azərbaycan beynəlxalq səviyyədə bu standartlara uyğun olsun. Siz bilirsiniz ki, komissiyamızın üzvlərindən bir neçəsi maliyyəçidir, bu istiqamətdə işləyən insandır. Onların rəyinə görə də Asiya İnkişaf Bankında monitorinq mexanizminin ən yüksək səviyyədə olması şübhəsizdir.
Vaxtınızı çox almaq istəmirəm, görürəm, nə qədər millət vəkili bu məsələ üzrə çıxışa yazılıb. Bu, yəqin ki, məsələnin aktuallığından irəli gəlir. Əlbəttə, yaxşı olardı ki, bu layihələr daha çox yerlərdə həyata keçirilsin. Ancaq gələcəyi gözləmək lazımdır. Pilot layihələr bizə çox lazımdır. Komissiya olaraq biz bunu dəstəkləyirik. Əminəm ki, millət vəkilləri bu barədə öz müsbət fikirlərini söyləyəcəklər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. Səsə qoyulsun.
Sədrlik edən. Müzakirəyə yazılanların fikirləri eyni olsa, həqiqətən, səsə qoyarıq. Çıxışlara təkid eləyən var? İki nəfər təkid eləyir. Fəzail müəllim, buyurun.
F. Ağamalı. Mən hörmətli və dəyərli millət vəkillərini başa düşürəm. Artıq günün axırıdır, ola bilsin, bir az yorulmuşuq. Mənə elə gəlir ki, son dərəcə ciddi əhəmiyyət kəsb eləyən bu layihə haqqında fikir söyləməmək böyük ədalətsizlik olardı. Unutmaq lazım deyil ki, söhbət üç böyük şəhərin – Naxçıvan, Göyçay və Ağdaş şəhərlərinin su və kanalizasiya problemlərinin həllindən gedir. Bu baxımdan mən həmin layihəni müsbət qiymətləndirirəm. Ümidvaram ki, layihənin həyata keçirilməsi nəticəsində həmin şəhərlər tamamilə və həmişəlik su ilə təmin olunacaq və ən müasir təmizləmə qurğuları ilə təchiz olunmuş kanalizasiya sistemini əldə eləyəcəklər.
Valeh müəllim layihə haqqında kifayət qədər ətraflı məlumat verdi və bu da bəlli oldu ki, layihəyə kreditlər əlverişli şərtlər əsasında ayrılıb. Fərəhli cəhət həm də ondan ibarətdir ki, burada Azərbaycan dövlətinin özünün də 9,9 milyon dollar payı var. Biz bunu 10 il bundan qabaq düşünə bilməzdik. Bizim üçün bu, xəyal görünərdi. Bu gün Azərbaycan özünün sosial problemlərini həll etmək, infrastrukturunu yeniləşdirmək üçün sərmayə qoymaq imkanına malikdir və mən əminəm ki, yaxın gələcəkdə Azərbaycanın bununla bağlı payı daha çox olacaqdır.
Cənab sədr, mən, təbii ki, bu layihəni müdafiə edir və müsbət qiymətləndirirəm. Bununla bərabər mən çox istərdim ki, “Azərsu” Səhmdar Cəmiyyəti əlavə təşəbbüslərlə çıxış etsin, təkcə üç şəhərlə kifayətlənməsin. Yadınıza gəlirsə, mən parlamentin bu yaxınlarda keçirilmiş iclaslarının birində Salyan rayonunun və ümumiyyətlə, Kür çayı ətrafında yerləşən rayonların bu baxımdan böyük problemlər içərisində olduğunu diqqətinizə çatdırdım. Doğrudan da, Kür sahillərində yerləşən rayonlarda su təchizatı çox acınacaqlı vəziyyətdədir. Kür boyu ərazilərdə insanlar təmizlənmiş sudan istifadə etmir, bilavasitə Kürdən götürülən, yəni heç bir kimyəvi təmizləmə aparılmayan, süzgəcdən keçirilməyən, filtrləşdirilməyən, xüsusi preparatlarla təmizlənməyən sudan içməli su kimi istifadə edirlər. Bunun özü böyük problemdir.
“Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti buradadır. Mən üzümü ona tutaraq xahiş edirəm ki, Azərbaycanın digər rayon və yaşayış məntəqələrində də beynəlxalq standartlara uyğun gələn yeni layihələrin həyata keçirilməsi üçün bu cür təşəbbüslərlə çıxış eləsin. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən sual verdim, təkid eləyən varmı? Bir az diqqətli olun. Təklif oldu, səsə qoyaq. Mən soruşdum, sizdən cavab gəlmədi.
Yerdən. Mənim sualım var.
Sədrlik edən. Buyurun.
A. Mollazadə. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Düşünürəm ki, Azərbaycanın bir sıra şəhərlərində su təchizatı məsələləri ilə bağlı, kanalizasiyaların müasirləşməyi və yeniləşməyi ilə bağlı aparılan işlər çox zəruridir. Bu, ilk növbədə vətəndaşlarımızın sağlamlığına xidmət eləyən addımlardır. Eyni zamanda, epidemioloji təhlükəni aradan qaldırmağa xidmət eləyən belə layihələrə çox böyük zərurət var.
Lakin mən düşünürəm ki, bu cür layihələrin yerinə yetirilməyinə ciddi nəzarət olmalıdır. Bu nəzarət bir tərəfdən krediti verən Asiya İnkişaf Bankı tərəfindən həyata keçirilir. Amma fikrimcə, Azərbaycanın dövlət orqanları da bu layihələrin həyata keçirilməsinin nəticələrini ciddi araşdırmalıdırlar. Çünki bu layihələrin həyata keçirilməsi mütləq su təchizatı ilə bağlı, kanalizasiya sisteminin işləməyi ilə bağlı qısa müddətdə bir nəticə verməlidir.
Bu gün Azərbaycanın paytaxtında, Azərbaycanın böyük şəhərləri olan Sumqayıtda, Gəncədə su təchizatı və kanalizasiya ilə bağlı böyük problemlər var. Kreditsiz, hətta büdcədən maliyyələşdirilən işlər ciddi nəticə verməyib. Hətta seçki kampaniyası dövründə əhalinin bir çox şikayətləri məhz su təminatı ilə bağlı idi. Paytaxtda, bir sıra bölgələrdə su təminatı bərbad vəziyyətdədir.
Mən düşünürəm ki, Azərbaycan dövlətinin bu gün, tam maliyyə imkanlarına malik olmadığı bir dövrdə bu maliyyə imkanlarını beynəlxalq maliyyə mərkəzlərindən alıb, müvafiq layihələri maliyyələşdirməsi düzgün addımdır. Lakin burada iki məqam mənim diqqətimi cəlb elədi. Birinci, mən kreditin ödənilmə təqviminə, müvafiq faizlərin qaytarılma müddətinə baxarkən bir şey müşahidə elədim ki, bəli, birinci illər bir faizlik güzəştli kreditin qaytarılması müddəti var, sonra isə 29-cu ilə qədər bu faizlər qalxacaq. Valeh müəllim bu məsələləri çox yaxşı bilir, yəni neft gəlirləri Azərbaycanda hansı pik dövrə gəlib çıxacaq. Yəni biz kreditləri 29-cu ildə daha çox miqdarda qaytaracağıq. Bəlkə biz bu borcları nəvə-nəticələrə buraxmadan müəyyən müddətdə daha güzəştli faizlə ödəsək yaxşı olar. Onun üçün Valeh müəllim bizə bununla bağlı daha dəqiq məlumat versə, düşünürəm ki, yaxşı olardı.
İkinci bir məsələni, vətəndaş kimi, Bakı sakini kimi istərdim, diqqətinizə çatdırım. “Azərsu” Azərbaycanda bəlkə yeganə təşkilatdır ki, kommunal xərcləri əhalidən nağd surətdə yığır. Bank vasitəsilə ödəmələr mümkün deyil. Məsələn, “Barmek”in də nəzarətçiləri qapıları gəzirlər. Lakin onlar çek verirlər və bundan sonra hesabı banklarda ödəmək olur. “Azərsu” kanalizasiya və su üçün ödənilməli vəsaitləri nağd surətdə yığır və bu pulu çox vaxt sakinlərin tanımadığı adamlar toplayırlar. “Azərsu” şirkətinin hörmətli prezidenti buradadır. Mən fürsətdən istifadə edərək soruşmaq istərdim, nə üçün belə olur. Axı, dəfələrlə dövlət başçısı da, Azərbaycan hökuməti də qərarlar vermişdir ki, bütün kommunal xərclər bank vasitəsilə yığılsın. Hansısa naməlum şəxslərin nağd pul toplaması düzgün deyil. Bu dövlət müəssisəsinin müəyyən nağd pulla işləməsi xoşagəlməz vəziyyətlər yarada bilər. Ona görə bu məsələ ilə bağlı, xahiş edirəm ki, hörmətli “Azərsu” şirkətinin prezidenti...
Sədrlik edən. Sual veririk, ya çıxış eləyirik? Buyurun.
S. Novruzov. Təşəkkür edirəm. Mən diqqətlə qulaq asdım və deputat həmkarlarımı bu məsələyə səs verməyə çağırıram. Lakin məni Naxçıvan şəhərinin su təchizatı ilə bağlı olan bir məsələ çox maraqlandırır. Söhbət ondan gedir ki, Naxçıvana Vayxır gölündən, yəni 30 kilometr məsafədən suyun gətirilməsi nəzərdə tutulub. Halbuki Naxçıvan şəhərinin 100-200 metrliyindən Araz çayı keçir və çayın o hissəsində su həddən artıq təmizdir. Bu yerdən ötdükdən bir qədər sonra İrandan bulanıq hissə gəlib çaya qatışır. Yəni texnoloji baxımdan, ola bilər, bunun hansısa səbəbləri var. Mən onu dəqiq deyə bilmərəm. Niyə bu su Araz çayından yox, Vayxır gölündən götürülür? Halbuki Vayxır gölündən Naxçıvanın digər ərazilərində suvarma suyu kimi istifadə etməyə böyük ehtiyac var. Yuxarı kəndlərin bu suya böyük ehtiyacı var. Amma su Araz çayından götürülərək anbara vurulub, anbarda təmizləndikdən sonra şəhərə çatdırılarsa... Araz çayı, bilirsiniz ki, Naxçıvan şəhərinin təxminən 200 metrliyindən keçir. Bu 200 metrlikdən o suyu vurmaq, təmizləmək, anbar yaratmaq hara, 30 kilometr keçilməz yollarla Vayxırdan suyu şəhərə gətirib çıxarmaq hara. Buna istərdim ki, bir izahat verilsin. Sağ olun.
Sədrlik edən. Bu suala mən cavab verə bilərəm. Bu layihəni Asiya İnkişaf Bankının işçiləri hazırlayıblar. Naxçıvanda araşdırma işləri aparılıb və belə nəticə hasil olunub ki, suyun oradan gətirilməsi ucuz başa gələcək, çünki tərkibi yaxşı olduğuna görə təmizləmə qurğuları lazım deyil. Həm nasos stansiyaları inşa olunmur, təbii təzyiq var, həm kimyəvi preparatlar vurulmur, həm də təmizləmə qurğusu tikilmir. Bunun səbəbləri var. Bu, texniki məsələdir.
Sual verənlər çox olacaq. Mən qısa arayış verim. Regionların inkişaf Proqramı ilə bağlı bu üç layihə cənab Prezidentin tapşırığı ilə beynəlxalq maliyyə qurumlarının iştirakı ilə hazırlanmışdır. Bu faizlərlə alınan kreditlər nəinki Azərbaycan üçün, Azərbaycandan qat-qat artıq inkişaf eləmiş ölkələr üçün də çox əlverişli faizlərdir. Belə kreditdən heç bir ölkə imtina eləməz. Bu bir. İkincisi, bu kreditlərin izahı ona görə belə verildi ki, bunun arxasınca 4 yeni layihə olacaq. Su təchizatı pis olan rayonlar üçün proqramlar hazırlanır. Hökumətin tapşırığı ilə hər il 10 rayonda belə layihələr həyata keçiriləcək. 30 rayonun proqramı hazırdır. Hər il 10 rayona maliyyə yardımı olacaq ki, bu rayonların su təchizatı düzəlsin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
V. Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən çıxış eləmək istəyirdim, amma Oqtay müəllim müəyyən qədər aydınlıq gətirdi. Doğrudan da, bu çox əlverişli kreditdir. Mənim yadıma gəlir, 1992-1993-cü illərdə biz kredit alanda 3 ildən artıq müddətə kredit vermirdilər. Bundan istifadə eləmək lazımdır. Amma çox düzgün qeyd elədiniz ki, Azərbaycanda Regionların iqtisadi inkişaf Proqramı ilə əlaqədar təxminən 60 rayonda həm su, həm də kanalizasiya xətləri dəyişdirilməlidir. Kreditlə yanaşı, daxili imkanlardan, büdcədən, Neft Fondundan istifadə eləyib, həmin layihələri 2006-2007-ci illərdə inkişaf etdirmək lazımdır.
Valeh müəllimə mənim sualım ondan ibarətdir ki, Asiya İnkişaf Bankı üçün 40 milyon dollar o qədər də böyük məbləğ deyil. Çünki o, böyük varidata malik bir bankdır. Nəyə görə onlar tələb edirlər ki, biz bunu qanun şəklinə salaq? Məqsəd nədən ibarətdir? Çünki hər saziş özü haradasa 10-12 milyon dollar məbləğindədir. Qanun şəklinə salmaqda məqsəd nədən ibarətdir? Sağ olun.
Sədrlik edən. Birinci, ona görə belə tələb edirlər ki, bu, Asiya İnkişaf Bankının Azərbaycanda pilot layihəsidir. İlk dəfədir, belə layihə həyata keçirilir. Bu layihə uğurla həyata keçərsə, bank növbəti layihələrə daha çox investisiya qoya bilər. İstənilən güzəştli kredit yalnız dövlət zəmanəti ilə olur. Dövlətin zəmanət verdiyi kreditlər də qanun çərçivəsinə salınır.
Belə getsə, biz çatmayacağıq. Sonra Pənah bəy də deyəcək ki, müxalifəti sıxırlar. Çıxışları dayandırırıq, sual verin.
P. Hüseyn. Bu layihə Sizin prezident olduğunuz dövrdə, yəni Sizin prezident olduğunuz səhmdar cəmiyyəti ilə bağlanıb. İcazə verin, bu məsələ barədə fikirlərimizi deyək.
Sədrlik edən. Mən orada vaxtilə prezident olmuşam. Bunun müzakirə etdiyimiz məsələyə nə dəxli var ki, fikir bildirəsiniz?
V. Ələsgərov. Üzr istəyirəm, mənə icazə versəydiniz, sizin suallarınızın əksəriyyətinə ehtiyac olmazdı. Birincisi, bu sazişlər “Azərsu” Səhmdar Cəmiyyəti ilə bağlanmır. Bu sazişlər Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanır. Hökumət, yəni bu krediti alan tərəf “Azərsu” Səhmdar Cəmiyyətini icraçı kimi təyin edib. Ancaq “Azərsu”yun nə bu kreditin alınması, nə də xərclənməsi ilə əlaqəsi var. Hökumət alıb, “Azərsu”ya deyib, get, bunu həyata keçir. İkincisi, “Azərsu” Səhmdar Cəmiyyəti icra ilə əlaqədar həm Hökumətə, həm də Asiya İnkişaf Bankına hesabat verməlidir. Ancaq bunun istismarı ilə məşğul olan bayaq mən dediyim səhmdar cəmiyyətlər olacaqdır.
Asim Mollazadənin sualına cavab verirəm. Asim müəllim, bu o demək deyil ki, 32-29 il biz gözləməliyik. Qaytarmaq istəyirsən, bir az tez qaytar. Neft gəlirlərinin tipi ilə bunun heç bir əlaqəsi yoxdur. Neft gəlirləri lap 5 il ondan tez gəlsin, həmin günü xərclənməyəcək ki. O da dövriyyəyə cəlb olunacaq, o da bizə əlavə pul qazandıracaqdır. Bircə misal gətirim, bir az əvvəl qazanılmış pulu heç bir itki olmadan bir maliyyə qurumuna yerləşdirsəniz, illik 3 faiz gəlir əldə edərsiniz. Yəqin, bilirsiniz ki, bu heç bir şeydir. Heç bir risk olmayan qoyuluşdur. 8 ilə 3 faiz gəlir 26,68 faiz olur. Deməli, bizim qazandığımız o qaytardığımız borcdan qat-qat artıq olacaq. Ona görə də neft gəlirlərinin o fikirlə əlaqəsi yoxdur. Xahiş edirəm, bunu nəzərə alın. Mən də təklif edirəm ki, məsələni səsə qoyaq.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, bu üç məsələyə münasibətinizi bildirəsiniz. 6-cı məsələ səsə qoyulur.

Səsvermənin nəticələri (saat 18.01 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 2
Səs vermədi 1
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Gündəliyin 7-ci məsələsi.

Səsvermənin nəticələri (saat 18.02 dəq.)
Lehinə 82
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 2
İştirak edir 86
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Gündəliyin 8-ci məsələsi.

Səsvermənin nəticələri (saat 18.03 dəq.)
Lehinə 81
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 2
İştirak edir 85
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Məclisin bugünkü işi sona çatdı. Çox sağ olun.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi