2006-ci il 7 mart tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
III  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  9

Milli  Məclisin  iclas  salonu.
7  mart  2006-cı  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 95 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

V. Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
M. Səlimzadə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
R. Həşimov, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının bələdiyyələrlə iş sektorunun müdiri.
H. Yusifov, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş Mərkəzi rəisinin müavini.
N. Rəsulov, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi.
Ü. Əhmədova, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş Mərkəzinin aparıcı məsləhətçisi.
İ. Xəlilov, Biləcəri bələdiyyəsinin sədri.
A. Qasımov, Nizami bələdiyyəsinin sədri.
Ə. Axundov, Nəsimi bələdiyyəsinin sədri.
Ə. Abayev, Əli Bayramlı bələdiyyəsinin sədri.

* * *

M. Nəcəfov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikası əhalisinin dövlət registri xidməti rəisinin müavini.
A. Səmədzadə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Notariat və Vətəndaşlıq Vəziyyəti Aktları İdarəsinin baş məsləhətçisi.
T. Mədətov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsinin şöbə müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.
2. Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İşlasda qəbul edilmişdir:

1. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
2. Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).

 Azərbaycan  Respublikası
 Milli  Məclisinin  Sədri                                   O. ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

7  mart  2006-cı il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Hörmətli deputatlar, xoş gördük! Bildiyiniz kimi, sabah, 8 mart Beynəlxalq Qadınlar bayramıdır. İcazə verin, sizin adınızdan bizim deputat xanımları, bütün Azərbaycan qadınlarını, analarımızı, bacılarımızı, qızlarımızı bu bayram münasibəti ilə təbrik eləyək, onlara can sağlığı, xoşbəxtlik, ailə səadəti arzulayaq! (Alqışlar.)
Belə bir təklif var ki, bu gün xanımlarımızın bayramını təbrik eləmək üçün tənəffüssüz bir iclas keçirək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 93
Yetərsay 83

İclası başlamaq olar. Hörmətli deputatlar, martın 7-də və 10-da keçiriləcək iclasların gündəliyi sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 69
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 72
Yetərsay yoxdur

Kim səs vermədi? Bir də xahiş edirəm.

Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 9
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Gündəliyə dair kimin təklifi var? Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Mən də bizim qadınlarımızı ürəkdən təbrik eləyirəm, onlara səadət, uğurlar arzulayıram!
Oqtay müəllim, mən bir məsələni millət vəkillərinin diqqətinə çatdırmaq istərdim. Bu da onunla bağlıdır ki, cənab Prezidentin Ağdərə rayonuna, Tərtərə səfəri zamanı mən Bakıda deyildim. Amma bazar günü onun çıxışını televiziya vasitələri ilə izləmək imkanı qazandım və eyni zamanda, Robert Köçəryanın da son açıqlaması ilə mətbuat vasitəsi ilə tanış oldum. Putin Bakıya səfəri zamanı dedi ki, o qayıdanda Köçəryanı Moskvaya dəvət eləyəcək, Moskvada onunla söhbət eləyəcək və çalışacaq, ona başa salsın ki, qonşu dövlətin torpaqlarını işğaldan azad eləmək lazımdır. Amma çox təəssüf ki, Putin onu nəinki dəvət eləmədi, hətta Köçəryanla telefon vasitəsi ilə danışandan sonra Köçəryan öz mövqelərini bir az da sərtləşdirdi və bəyan elədi ki, əgər bu danışıqlar uzanarsa, onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini tanıya bilərlər.
Mən belə hesab edirəm ki, adətən, dövlət rəsmiləri arasında ən sərt mövqeyi Azərbaycan Respublikasının Prezidenti ifadə eləyir. Mənim fikrimcə, bu belə olmamalıdır. Prezident silahlı qüvvələrə əmr verməlidir, torpaqlarımızı işğaldan azad etməliyik. Yəni bu olmalıdır.
Bu gün təklif eləyirəm ki, bu məsələni, yəni Dağlıq Qarabağla bağlı məsələni Milli Məclisin müzakirəsinə çıxaraq. Eyni zamanda, qərar qəbul eləyək ki, əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyinin tanınması istiqamətində belə bir addım atarsa, bu, Azərbaycanın torpaqlarının işğalının rəsmiləşdirilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti artıq Milli Məclisin razılığını almalıdır. Yəni Konstitusiya ilə bu, tələb olunur. Biz dərhal Ermənistana müharibə elan eləməliyik və öz torpaqlarımızı azad eləməliyik. Ermənistanda Köçəryanın - hərbi cinayətkarın rəhbərlik etdiyi rejimi də dəyişmək lazımdır. Necə ki Amerika Birləşmiş Ştatları dünya üçün təhlükə törətdiyini elan eləyib İraqda Səddam rejimini dəyişdi. Biz də Köçəryanı devirməliyik və erməni xalqına da azadlıq gətirməliyik.
Bundan başqa bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, biz, adətən, müdafiə nazirimizi ancaq hərbi hissələrdə o vaxt görürük ki, Azərbaycan Respublikasının Prezidenti hansısa hərbi hissəyə, yaxud ön cəbhəyə gedir. Digər nazirlərin səfərlərini televiziyalar işıqlandırır. Əgər müdafiə nazirinin də belə səfərləri olursa, onun fəaliyyəti niyə işıqlandırılmır? Bundan başqa hamımız bilirik, amma bu barədə çox təəssüf ki, danışmırıq. Müdafiə Nazirliyinin rəhbərliyindəki qarşıdurma, korrupsiya halları ilə bağlı mətbuatda yazılar gedir. Bu, əsas verir ki, biz Müdafiə Nazirliyi ilə bağlı məsələni nə vaxtsa Milli Məclisin qapalı iclasında müzakirə edək. Ümumiyyətlə, Müdafiə Nazirliyinə mülki şəxsin rəhbərlik etməsi daha doğru olardı. Başqa sahələrdə olduğu kimi, bu sahədə də struktur islahatlarının aparılmasına çox böyük ehtiyac var. Belə olduqda xalqın orduya inamı daha da artar və biz doğrudan da, silahlı qüvvələrin vasitəsi ilə öz torpaqlarımızı işğaldan azad eləyə bilərik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr! Hörmətli millət vəkilləri və Milli Məclisin fəaliyyətini işıqlandıran mətbuat nümayəndələri! Bu gün bizim bu həftə üçün gündəliyimizdə dörd qanun layihəsi var. Bu qanun layihələrinin hamısı Azərbaycanda ictimai-siyasi həyatın hüquqi bazasının yaradılması haqqında mühüm əhəmiyyətə malikdir. Ancaq bununla bərabər mənim zəruri hesab elədiyim bir sıra məsələlər var və o məsələlərin də Milli Məclisdə müzakirəsini vacib sayıram.
Oqtay müəllim, bilirsiniz ki, ötən beş il ərzində dəfələrlə Milli Məclisdə neft haqqında qanunun qəbul edilməsi ilə bağlı məsələ qaldırıldı. Mən istəyirəm ki, parlamentin rəhbərliyi müvafiq dairələrlə əlaqə saxlasın və məlumat versin ki, bu nə vəziyyətdədir. Çünki Azərbaycanda qəribə vəziyyət yaranıbdır. Ən kiçik sayılan sərvətlər haqqında qanun var. Məsələn, biyan kötüyü haqqında, yodlaşdırılmış duz haqqında qanunlar var. Amma respublikanın əsas milli sərvəti sayılan neft haqqında qanun indiyə qədər yoxdur və yəqin ki, Milli Məclis üzvləri yaxşı bilirlər ki, ümumiyyətlə, neft ixrac edən ölkələr əvvəlcə baza qanunlarını qəbul edirlər, sonra bu baza qanunlarından irəli gələn, - istər xarici kontraktlar olsun, müqavilələr olsun, istərsə də neftin istismarı olsun, - digər məsələlər haqqında müvafiq qanunlar qəbul eləyirlər. Bizim Azərbaycan Respublikasında isə tamamilə bunun əksinə olan bir vəziyyət yaranıbdır.
Biz 1994-cü ildən başlayaraq beynəlxalq kontraktları bağlamışıq və mən hesab edirəm ki, bu beynəlxalq kontraktlar, doğrudan da, Azərbaycan neftinin beynəlxalq aləmə çıxarılması üçün vacibdir. Amma bunlar hamısı baza qanununa söykənməli idi, neft haqqında qanuna söykənməli idi. Bu qanun özü yoxdur. Hələ nə vaxt olacağından da xəbər yoxdur. Mən xahiş eləyirəm, parlament rəhbərliyi bu məsələ ilə bağlı deputatlara məlumat versin və yaxın vaxtlarda nə qədər tez mümkünsə, bu qanun layihəsini biz müzakirəyə çıxaraq.
Məndən qabaq çıxış eləyən deputat həmkarım Qüdrət Həsənquliyevin sözünə mən də qatılıram və mənə belə gəlir ki, Oqtay müəllim, yaxın həftələrin birində Müdafiə Nazirliyi ilə bağlı məsələləri parlamentin qapalı iclasında müzakirə etməyə ehtiyac var. Çünki istər mətbuatda, istərsə də bizim müşahidə etdiyimiz həyatda bir çox məsələlər var ki, müzakirə olunmalıdır.
Sədrlik edən. Çox sağ olun. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən də təbriklərə qatılıram, bizim hörmətli xanımlarımızı təbrik eləyirəm və xatırlatmaq istəyirəm ki, dünyanın bir sıra ölkələrində qadınların səsvermə hüququ olmayanda 1918-ci ildə Azərbaycanda türk və islam dünyasının lideri olan Azərbaycan qadınları buna nail olmuşlar. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və digər Avropa ölkələrindən daha öncə ilk qadın pilot, ilk qadın aktrisa, bəstəkar məhz Azərbaycanda fəaliyyətə başlayıb. Bu istiqamətdə biz həmişə lider olmuşuq.
Lakin bu gün mən istərdim ki, sizin diqqətinizi çox böyük bir təhlükəyə cəlb edim. Söhbət Azərbaycanda artıq epizootiya halında mövcud olan quş qripindən gedir. Bu gün dünya çox ciddi bir təhlükə qarşısındadır. Belə bir ehtimal var ki, bu virusun insandan insana keçmək ehtimalı var və böyük bir pandemiya nəticəsində dünya əhalisinin təqribən 50 faizi ölümlə üzləşə bilər. Azərbaycanda hələlik quş qripi epizootiya halındadır. Sadəcə olaraq, kütləvi informasiya vasitələrində Baş Baytarlıq İdarəsinin, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin çıxışlarında deyilir ki, Azərbaycanda quş qripi yoxdur. Bağışlayın, hörmətli cənablar, axı, bu gün Azərbaycanda həmin virusu müəyyənləşdirən laboratoriya yoxdur. Quşlarda bunu müəyyənləşdirən ən yaxın laboratoriya İstanbuldadır. İnsanlara keçid təhlükəsini özündə əks etdirən H5N1 virusu ancaq Londonda müəyyənləşdirilə bilir və Londonda da hazırda çox böyük növbə var. Bu gün quş qripi ehtimalı ilə Azərbaycan klinikasına artıq xəstələr daxil olurlar. Biz bunu müəyyənləşdirə bilmirik. Bu, quş qripidir, ya yox, çünki Azərbaycanda bunun üçün imkan yoxdur. Mən çox istərdim ki, biz əhalini ciddi xəbərdar eləyək. Ciddi bir təhlükə qarşısında durmuşuq və parlamentdə Azərbaycanın bu təhlükəyə hazırlığı ilə bağlı çox ciddi müzakirə keçirmək lazımdır, bura Kənd Təsərrüfatı Nazirliyinin, Səhiyyə Nazirliyinin və Ekologiya Nazirliyinin rəhbərləri dəvət olunmalıdırlar. Biz yoxlamalıyıq ki, Azərbaycanda bu təhlükəyə hazırlıq nə vəziyyətdədir. Mediada verilən məlumatları diqqətlə təhlil eləyəndə görürük ki, bizdə hazırlıq yoxdur.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar! Mən Dağlıq Qarabağda işğal olunmuş torpaqlar ətrafında yaranmış vəziyyətlə bağlı Milli Məclisdə dinləmələrin aparılması barədə deputat Qüdrət Həsənquliyevin və quş qripi təhlükəsi haqqında Asim müəllimin həyəcanlarına qoşuluram və müdafiə edirəm.
Amma bu gün Azərbaycanda hüquqlarının qorunması lazım gələn və mühafizə olunmasına ciddi ehtiyac olan məsələ söz azadlığı və jurnalistlərin hüquqları məsələsidir. Mən iştirak elədiyim birinci iclasda mərhum Elmar Hüseynovun qətlinin üstünün açılması ilə bağlı məsələyə diqqəti cəlb eləyib sorğu vermişdim. Bundan bir qədər keçməmiş, bilirsiniz ki, “Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynoğlu bu həftə naməlum şəxslər tərəfindən bıçaqlandı. Bu hadisənin baş verməsinin jurnalistin peşə fəaliyyəti ilə əlaqədar olduğuna heç bir şübhə yoxdur.
Əlbəttə, belə məsələlər müzakirə edilərkən əvvəllər müşahidə eləmişəm ki, bir qayda olaraq, bizim hakimiyyətimiz dövründə - 1992-1993-cü illərdə də jurnalistlərə qarşı zorakılıqdan danışılır, tənqid olunur. Əlbəttə, heç kəs baş vermiş hadisələrə bəraət vermir. Amma yadınıza salıram ki, iki jurnalistin döyülməsinə görə Prezidentin tapşırığı ilə mərhum Nəcəf Nəcəfov jurnalistlərdən üzr istəmişdi, parlamentin o vaxtkı sədri şəxsən həmin jurnalistlərdən üzr istəmişdi. Söhbət ayrı-ayrı məmurların zorakılığından getmir. Söhbət jurnalistlərə qarşı törədilən cinayətlərin üstünün açılmamasından gedir.
Azərbaycanda jurnalistlərə, bütövlükdə söz azadlığına qarşı qəsdlərdə bir cəzasızlıq mühitinin yaradılması, açığı, Azərbaycanda söz azadlığı haqqında beynəlxalq hesabatlarda, o cümlədən beynəlxalq jurnalist təşkilatlarının hesabatlarında daim səslənən həyəcanların artmasına səbəb olur. Gəlin, etiraf eləyək ki, bu həm də bütövlükdə Azərbaycanda demokratiyanın vəziyyəti haqqında bizə xoş olmayan, bizə dost olmayan dairələrdə müxtəlif spekulyasiyalar etməyə şərait yaradır. Mən yadınıza salıram: “Müsavat” qəzetinin jurnalisti döyülmüşdü və barəsində şəxsiyyəti alçaldan hərəkətlər edilmişdir. O, xaricə qaçmağa məcbur oldu. “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidov və məsul katib guya naməlum şəxslər tərəfindən döyülmüşdür və barələrində alçaldıcı hərəkətlər edilmişdir. Elmar Hüseynovun qətlini mən xatırlatdım. Bu hadisə də göstərir ki, bu məsələ ciddi şəkildə müzakirə olunmalıdır. Milli Məclisin möhtərəm Sədrindən və müvafiq komissiyalardan xahiş edirəm ki, bu barədə hüquq mühafizə orqanlarına sorğu və tapşırıq versinlər. İcra hakimiyyəti orqanlarından xahiş və tələb edirik ki, bu məsələdə, nəhayət ki, qayda-qanun yaradılsın. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən də əvvəl səslənən fikirlərə qatılıram. Doğrudan da, Azərbaycanda ordu quruculuğu ilə bağlı ciddi problemlər olduğunu qeyd eləyirəm. Ordu məsələsindən kifayət qədər məlumatı olan adam kimi, Azərbaycan rəsmiləri səviyyəsində tez-tez fikir səslənir ki, biz müharibə yolu ilə torpaqlarımızı azad eləməliyik. Sadəcə, ən azı ordu quruculuğuna zərər gəlməsin deyə danışmamağa üstünlük verirəm. Çünki ordunun vəziyyəti, həqiqətən də, Azərbaycanda kifayət qədər kritikdir və ordu Azərbaycanda korrupsiyanın ən çox çiçəkləndiyi müəssisə kimi birinci yeri tutmağa layiqdir. Əgər qapalı müzakirələr keçirilsə, biz orada öz fikirlərimizi, təkliflərimizi səsləndirə bilərik.
Mən digər bir vacib məsələyə - bələdiyyələrlə bağlı məsələyə toxunmaq istəyirəm. Bu gün də bizim müzakirədə həmin məsələ var. Ümumiyyətlə, Azərbaycanda bələdiyyələrin statusu ilə bağlı bizdə çoxlu müddəalar yazılıbdır. Amma faktiki olaraq Azərbaycanda bələdiyyələrin bir statusu var: torpaq satmaq. Torpaq satmağın da arxasında müxtəlif məmurların, dövlət hakimiyyətində yüksək vəzifə tutan şəxslərin maraqları durur. Nəhayət, bu məsələyə biz ciddi reaksiya verməliyik. Hətta Prezident səviyyəsində bu məsələyə müdaxilə olundu. Bakı kəndləri ilə bağlı məsələdə bildirildi ki, bu torpaqlar dəyər-dəyməzinə öz qiymətindən xeyli aşağı, təbii ki, üstündə rüşvət olmaqla müxtəlif şəxslərə satılır.
Bizdə tez-tez hansısa kənddə hadisə baş verəndə bunu xarici kəşfiyyat orqanları ilə, başqa qurumlarla əlaqələndiriblər. Əslində, əlaqələndirməyin bir meyarı var. Həmin meyar ondan ibarətdir ki, insanlar kənd təsərrüfatında torpağa sahib olmadığına görə, onu işlədə bilmədiyinə görə rahat yaşaya bilmirlər. Mənə çoxlu müraciətlər daxil olur. Hətta təsəvvür eləyin, vəziyyət o yerə çatıb ki, Abşeronda Masazır bələdiyyəsində artıq satılmağa torpaq qalmadığı üçün icarə müddəti 2014-cü ildə başa çatacaq fermer təsərrüfatlarını qanunsuz olaraq satmaqla məşğuldurlar. Hətta bələdiyyə formalaşmayıb, bələdiyyə seçkisi baş tutmayıb, köhnə bələdiyyənin möhürü ilə bu işlər həyata keçirilir. Bu işlərin də arxasında, təbii ki, məlum məmurlar dururlar. Ona görə də biz bələdiyyələrin torpaqla bağlı, torpaq alğı-satqısı ilə bağlı məsələlərdə səlahiyyətlərinə ciddi diqqət yetirməliyik. Bu, olduqca vacibdir, çünki yaxın gələcəkdə biz bir nəfər fermer tapa bilməyəcəyik ki, həqiqətən, dövlətdən asılı olmadan öz fəaliyyətini davam etdirə bilsin. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Məclis! Mən də imkandan istifadə eləyib xanımlarımızı, xanım deputatları və bütün Azərbaycan qadınlarını sabahkı bayram münasibətilə təbrik eləmək istəyirəm.
Şübhəsiz, hər bir xalqın mədəniyyət ölçülərindən ən başlıcası onun öz torpağına, öz yaşadığı yurda münasibətilə bağlıdır. Bu cəhətdən məndən əvvəlki çıxışlarda da müəyyən mülahizələr söyləndi. Mən konkret olaraq bir məsələnin üstündə dayanmaq istəyirəm. Bu da bizim Azərbaycanın bir sıra vəzifə sahiblərinin və Bakı şəhərinin böyüklərinin Bakıya münasibətidir. Bakı tikilir, xeyli inkişaf eləyir, dəyişilir. Heç kim deyə bilməz ki, Bakıda müsbət addımlar, müsbət işlər görülmür. Amma dəhşətli bir proses gedir ki, bu proses çox qısa müddətdə dayandırılmalıdır. Bakının mərkəzində təxminən 20-30 bina var ki, bunlar Azərbaycanın XX əsrin əvvəllərində memarlıq ənənəsinin göstəricisidir. Bunların hər biri tarixi abidədir. Qız qalası, İçərişəhər tarixi abidədir. Fəvvarələr meydanının ətrafındakı, Bakının köhnə məhəllələrindəki binalar özlüyündə Azərbaycan üçün üz ağlığıdır. Haradasa şöhrət gətirən bir şeydir. Amma baxın, orada alman səfirliyinin yanında, Fəvvarələr meydanının yanında, şəhərin mərkəzində, ümumiyyətlə, Bakıxanov küçəsində 15, 16, 20 mərtəbəli evlərə ehtiyac yoxdur. 20 mərtəbəli binaları Badamdar qəsəbəsində də tikə bilərlər. Mərkəzdə müəyyən bir ansambl gözlənilməlidir. Amma kimin pulu varsa, köhnə evləri alır, boşaltdırır, yalandan guya altına su girir, bina dağılır... Orada qaldırılan binalar bütün şəhəri pis günə qoyacaq.
Biz deyirik ki, düşmənlər bizim torpaqlarımızda tarixi abidələri dağıdıblar. Gözümüzün qabağında, Bakıda, İçərişəhərdə alınan torpaqlarda arxeoloji araşdırmalara belə imkan vermirlər, təcili betonlayırlar, üstündə binalar tikirlər. Özümüz düşməndən heç də geri qalmayan bir şəkildə öz tariximizi məhv eləməklə məşğuluq. Ona görə mən Milli Məclisdən xahiş eləyirəm, təcili olaraq Bakıda köhnə binalara münasibət aydınlaşdırılmalı və bu vəhşiliyin qarşısı alınmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar! Mən istərdim ki, bu müzakirələrlə əlaqədar fikirlərimi sizinlə bölüşüm. Bir neçə ildir ki, bu qaydada müzakirələr aparırıq. Çox təəssüf ki, cari məsələlərlə əlaqədar çıxış edən deputatların əksəriyyəti konkret məsələ ilə bağlı deyil, yalnız qaldırdığı məsələnin mətbuata çıxması və özünün adının mətbuatda hallanması naminə həmin fikirləri söyləyirlər. Bu da bizim işimizin səmərəliyinə çox mənfi təsir göstərir. Əslində, biz gündəlik ətrafında fikir mübadiləsi aparmalıyıq. Hər hansı deputatın bu və ya digər məsələ ilə bağlı layihəsi, fikri varsa, onu müvafiq komissiyada müzakirəyə çıxarmalı və qanun layihəsi şəklində ümumi müzakirəyə çıxmasına nail olmalıdır. Amma biz nə ilə məşğuluq? Kimsə mətbuatda nə isə oxuyur, kimsə Azərbaycanın xarici siyasəti ilə bağlı təhlükəli fikirlər söyləyir, kimsə ordu quruculuğu ilə bağlı elə fikirlər söyləyir ki, bu bizim ümummilli maraqlarımıza zidd olan fikirlərdir. Kimsə qapalı müzakirələrə dəvət eləyir.
Qarabağ məsələsi Prezident tərəfindən həyata keçirilir və bu barədə səylər göstərilir. Qarabağ məsələsi ilə bağlı burada dəfələrlə müzakirələr keçirilibdir. Mərhum Prezidentimiz Heydər Əliyev burada həmin müzakirəni keçiribdir və onda bu gün burada çıxış edən müxalifət partiyalarının nümayəndələri də dəvət edilmişdilər. Amma gəlmədilər. Gəlib fikirlərini söyləmədilər. Mətbuat üçün, sensasiya yaratmaq üçün populist çıxışları, məncə, yığışdırmaq lazımdır. Komissiyalarda çalışmaq, qanunvericilik təşəbbüsü ilə bu və ya digər layihələri ortaya qoymaq lazımdır.
Burada hansısa hadisəni siyasiləşdirməyə çalışırlar. Əlbəttə, jurnalistlərin fəaliyyəti diqqət mərkəzindədir. Amma jurnalistlər ayrıca zümrə deyil. Hansısa bir jurnalistə xəta yetirilibsə, polis bunu araşdırır. Araşdırmanın nəticəsini gözləmədən buna qiymət vermək, bunu hay-küy şəklində qaldırmaq parlament fəaliyyəti ilə uyuşmayan məsələlərdir. Parlament danışmaq yeridir. Amma hər şeyi danışmaq yeri deyil. Biz cari məsələləri burada müzakirə etmək sistemi yaratmalıyıq, bir ənənə yaratmalıyıq. Kimsə hansısa bir fikri söyləyib mətbuatın qəhrəmanına çevrilməyə cəhd göstərməməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən də həmkarım Mübariz Qurbanlının dediyinə dəstək verərək, qeyd etmək istəyirəm ki, doğrudan da, cari məsələlərdə sırf qanunvericilik təşəbbüsü ilə çıxış edib, hər hansı bir məsələyə münasibət bildirmək olar. Mən bunu əldə rəhbər tutaraq qeyd etmək istəyirəm ki, Milli Məclisin komissiyaları tərəfindən dini azadlıqlar haqqında qanun layihəsi işlənib təqdim olunsun. Bu gün Azərbaycanda ən əsas problemlərdən biri ondan ibarətdir ki, xarici missionerlər, sektalar artıq Azərbaycan cəmiyyətində, Azərbaycan gəncliyinin arasında təbliğat aparırlar. Əhalinin kasıb təbəqəsini şirnikləndirmə yolu ilə həmin sektalara cəlb eləyirlər və bunun da acı nəticəsi sonradan ölkə üçün çox təhlükəli hal alır.
Burada qeyd olunan bir neçə məsələyə də öz münasibətimi bildirmək istəyirəm. Deputat həmkarlarım ordu quruculuğu haqqında, ayrı-ayrı sahələr haqqında məsələ qaldırdılar. Biz gələn həftə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə eləyəcəyik. Həmin hesabatın mündəricatına baxanda orada ordu ilə, ayrı-ayrı sahələrlə, səhiyyə ilə, təhsillə bağlı bütün müddəalar öz əksini tapıbdır. Əgər kimi nə isə maraqlandıracaqsa, orada sual verə bilər. Qapalı müzakirə keçirilməsi məsələsinə gəlincə, Azərbaycan Prezidenti ordunun ən ön sıralarına gedib. Cəbhə xəttində, ictimaiyyətin gözünün qarşısında ordu ilə əlaqədar atılan addımları göstəribdir, onlarla apardığı istənilən danışıq, istənilən münasibətlər aydın şəkildə cəmiyyətə çatdırılıbdır. Cəmiyyətin diqqətində artıq 1992-ci il deyil. Azərbaycan demokratik bir dövlətdir, xalqdan və cəmiyyətdən gizli bir şey yoxdur ki, burada qapalı hər hansı bir müzakirə keçirilsin. Əgər hər hansı bir müzakirə lazım olarsa, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası var, bu haqda onlar öz fikirlərini bildirəcəklər.
Jurnalistlərlə bağlı qeyd olunan məsələ haqqında demək istəyirəm ki, belə bir təsəvvür yaratmaq istəyirlər ki, hər hansı bir jurnalistə nəsə oldusa, demək, bunu iqtidarda olan adam eləyib. Kimsə qonşusu ilə savaşır, bunu da iqtidarın üstünə atırlar. Kimsə kiminləsə münasibətini aydınlaşdırır, bunu hər hansı bir məmurla niyə bağlayırıq? İlk növbədə bu cinayət açılmalıdır və o açılanda bəlli olacaq ki, bununla kim məşğuldur. Bir hüquqşünas kimi qeyd eləyirəm ki, ən çox orada hay-küy salan adamlar bilavasitə həmin işdə iştirak eləyirlər. Elmar Hüseynovun qətlində, indi Allah qoysa, açılacaq, görərsiniz, ən çox hay-küy salanların barmağı olub, həmin məsələdə bilavasitə onlar iştirak eləyiblər. Digərləri də həminki qaydada... Onların hüquqları müdafiə olunur, axı, vətəndaşların da hüquqları müdafiə olunmalıdır. Hər bir insan haqqında etikaya sığmayan, onun ailəsinə, məişətinə, peşəsinə uyğun olmayan elə şeylər yazırlar ki... İnsanlar dəfələrlə məhkəmələrə müraciət eləyir, məhkəmədə gedib uduzurlar. Məhkəmənin qərarını yerinə yetirmirlər. Bir insan haqqında yazanda, bir məlumat verəndə, heç olmasa, informasiyanın mənbəyi olmalıdır. Heç olmasa, bir şeyə əsaslanmalıdır. Yazılanda, heç olmasa, 30 faiz həqiqət olmalıdır... Bunlarda 100 faiz yalanla böhtandan başqa bir şey deyil. Ona görə hesab edirəm ki, hər bir insana yanaşmada, - əgər biz müdafiə ediriksə, - həmin insanların hüquqlarını müdafiə etməli və çalışmalıyıq ki, həmin insanlara hər hansı bir jurnalıst qara yaxmaqla, böhtanla məşğul olursa, bu da qanunvericilikdə öz əksini tapsın. Bununla məşğul olan təşkilatlar da, heç olmasa, məsuliyyətə cəlb eləsinlər. Bu böhtanlardan əl çəksinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Novruz Aslanov.
N. Aslanov. Hörmətli Sədr, mənə söz verdiyinizə görə təşəkkür edirəm. Mən də fürsətdən istifadə eləyib bizim qadınlarımızı bayram münasibətilə təbrik eləmək istəyirəm.
Konkret olaraq, bir fikrin üzərində dayanmaq istəyirəm. Bu barədə mənim deputat həmkarım Asim Mollazadə fikirlərini söylədi və mən hesab edirəm ki, bu məsələ çox aktualdır və bu məsələyə, yəqin ki, Milli Məclis öz münasibətini bildirməlidir. Təbii ki, dünyada böyük bir problemə çevrilmiş quş qripi artıq tüğyan edir, o cümlədən Azərbaycanda da belə bir təhlükə mövcuddur.
Bildiyiniz kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamına uyğun olaraq, dövlət komissiyası yaradılmışdır və həmin komissiyaya Baş nazirin birinci müavini hörmətli Abbas Abbasov rəhbərlik edir və artıq bu komissiya öz fəaliyyətini davam etdirir. Lakin bütün dünyada bu problem mövcuddur və informasiya vasitələrindən də bizə məlum olur ki, müvafiq qabaqlayıcı tədbirlər görülməlidir. Mən hesab edirəm ki, bu məsələnin ciddi şəkildə müzakirəsini keçirməliyik. Yəni gələn iclaslarımızda mütləq müzakirə etməli və insanlarımızı bu təhlükədən qorumağı bacarmalıyıq.
Mən Aypara Cəmiyyətinin Prezidenti kimi həmin dövlət komissiyasına və Səhiyyə Nazirliyinə müvafiq müraciət etmişəm. Bu müraciət baxılmaq üzrədir və ümidvaram ki, artıq qabaqlayıcı addımlar mütləq atılacaq. Təklifim ondan ibarətdir ki, immun sistemi zəif olan uşaqlarımızı qorumaq üçün məktəbdə dərs vaxtı qoruyucu maskalardan mütəmadi olaraq 3-4 saat istifadə olunsun. Mənim opponentlərim gələcəkdə mənim çıxışıma rəy bildirərkən deyərlər ki, bu virus insandan insana keçmir. Mən bununla razılaşıram, lakin qeyd eləmək istəyirəm ki, keçən illərdə Yaponiyada, Çində hava limanlarında, metrolarda, küçələrdə qoruyucu maskalardan hamı istifadə eləyirdi. Bunun heç bir problemi də yoxdur. Mənim təklifim bundan ibarətdir ki, uşaqların immun sistemi həddindən zəif olduğuna görə məktəblərdə bu məsələyə baxılsın. 3-4 saat ərzində uşaqlarımız həmin maskalardan istifadə etsinlər.
Sədrlik edən. Müzakirəyə ayrılmış yarım saat bitdi. İcazə versəniz, bir-iki kəlmə də mən deyərdim. İclasımızın gündəliyini müzakirə elədik. Mən istəyirdim, görüm, müzakirələr hansı qaydada davam edəcək. Görürəm, yenə köhnə qaydada davam edir, stilistika dəyişmir, forma dəyişmir.
Mən Mübariz Qurbanlı ilə tamamilə razıyam. Bəzi məsələlər qaldırıldı, diqqətəlayiq məsələlər də var. Ancaq işçi qaydasında, həftə ərzində, vaxt aparmadan Milli Məclisin rəhbərliyi ilə də danışıla bilərdi, komissiyada da danışıla bilərdi. Bu məsələləri biz bura çıxarana qədər.
Amma belə çıxır ki, hamı ikinci günü gözləyir. Gündəliyin müzakirəsi bir tərəfdə qalır, hərə öz fikrini söyləməyə başlayır. Mən bunun tərəfdarı deyiləm. Mən xahiş edirəm ki, gələn dəfə müzakirələr gündəlik ətrafında aparılsın. Onların fikirlərinin əksəriyyəti ilə Milli Məclisin rəhbərliyi də, komissiyalar da razıdır. Bütün deputatların qanunvericilik təşəbbüsü hüququ var, bu barədə danışa, müzakirə eləyə, məsləhətləşə, sonra iclasa çıxara bilərik. Mənim fikrim belədir, kim necə fikirləşir, hərə öz fikrini söylədi. Müzakirələr qurtardı, gündəliyə keçək.
Gündəliyin birinci məsələsi Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqındadır. Bu gün nazir ezamiyyətdədir, ədliyyə nazirinin müavini Vilayət Eyvazov iştirak edir. Xahiş edirəm, məruzəsini dinləyək.
V. Eyvazov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əvvəlcə sizi - ölkəmizdə çox şəffaf, ədalətli, demokratik, gərgin mübarizə şəraitində keçən parlament seçkilərində uğur qazanmış millət vəkillərini Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi adından salamlayıram, təbrik edirəm və qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram!
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş hüquqi və demokratik dövlət quruculuğu kursuna müvafiq olaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən geniş miqyaslı islahatlar nəticəsində ictimai həyatımızın bütün sahələrində köklü dəyişikliklər baş vermişdir. Bu islahatlar çərçivəsində yerli özünüidarəni həyata keçirən bələdiyyələrin fəaliyyətinin beynəlxalq tələblər səviyyəsində qurulması müstəsna əhəmiyyət kəsb edir.
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında yerli özünüidarə institutu ilə bağlı müddəaların əks etdirilməsi ölkəmiz üçün yeni olan bələdiyyə institutunun formalaşdırılmasının əsaslarını müəyyən etmişdir. Qısa müddətdə yerli özünüidarəyə dair, o cümlədən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı beynəlxalq tələblərə cavab verən mütərəqqi qanunvericilik bazası yaradılmışdır. Aparılmış islahatlar nəticəsində demokratik prinsiplər əsasında və şəffaflıq şəraitində 1999-cu ildə ilk bələdiyyə seçkiləri, 2004-cü ilin dekabr ayında isə növbəti seçkilər keçirilərək tərkibinə 2735 bələdiyyə daxil olan yerli özünüidarəetmə sistemi formalaşmışdır.
2003-cü il mayın 13-də Milli Məclis tərəfindən qəbul edilmiş “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun fəaliyyəti barədə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi Ədliyyə Nazirliyinə həvalə edilmişdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin düzgün təşkili məqsədi ilə ötən dövrdə Ədliyyə Nazirliyi tərəfindən kompleks tədbirlər həyata keçirilmiş, müvafiq normativ-hüquqi sənədlər hazırlanmış, o cümlədən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında təlimat təsdiq edilmişdir.
Eyni zamanda, Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım mərkəzinin fəaliyyəti təkmilləşdirilərək, nazirliyin təklifləri əsasında ölkə başçısının 2005-ci il yanvar ayının 6-dan qüvvəyə minmiş fərmanı ilə mərkəzin əsasnaməsinə bir sıra dəyişikliklər və əlavələr edilmiş, bu qurum Bələdiyyələrlə İş Mərkəzi adlandırılmış, bələdiyyələrin fəaliyyətinə inzibati fəaliyyətin həyata keçirilməsi ilə bağlı yerli qurumların təşkili nəzərdə tutulmuş, inzibati nəzarətin səmərəli həyata keçirilməsinə şərait yaradılması üçün digər tədbirlər müəyyən edilmişdir.
Hazırda “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, ölkə başçısının fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Qeyd olunan qanuna əsasən inzibati nəzarəti həyata keçirən orqan hər ilin sonunda öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məruzə təqdim edir. Bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən 2004-cü il üzrə hazırlanmış ilk illik məruzə ölkə parlamentində dinlənilmiş və Milli Məclisin 2005-ci il 19 aprel tarixli qərarı ilə nəzərə alınmışdır. Həmin məruzə Ədliyyə Nazirliyinin nəşri olan “Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteni”ndə dərc edilmişdir.
İnzibati nəzarətin mahiyyətinin düzgün izahı məqsədi ilə ölkənin 20-dən çox şəhər və rayonunda seminarlar keçirilmiş, respublikanın bütün bələdiyyələrinə bələdiyyə aktlarının mərkəzə təqdim edilməsi zəruriliyini əks etdirən metodiki məktublar göndərilmiş, kütləvi informasiya vasitələrində çoxsaylı çıxışlar edilmiş, Ədliyyə Nazirliyinin Hüquq Tədris Mərkəzində ədliyyə üzvləri və qulluqçuları üçün təşkil edilmiş ixtisasartırma kurslarında mühazirələr oxunmuşdur.
Bələdiyyələrin maarifləndirilməsi nəticəsində 2005-ci ildə Bələdiyyələrlə İş Mərkəzinin icraatına daxil olmuş bələdiyyə aktlarının sayı 2004-cü illə müqayisədə təxminən 4 dəfə artaraq 10 min 100 təşkil etmişdir. İnzibati nəzarətin həyata keçirilməsi zamanı 470 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi üçün həmin aktları qəbul etmiş bələdiyyələrə müraciətlər edilmişdir. Bunun nəticəsində ilin sonunda bələdiyyələr tərəfindən 200 akt ləğv edilmiş, 70-i dəyişdirilmiş, habelə bəzi müraciətlərin təmin edilməməsi ilə bağlı mərkəz tərəfindən məhkəmələrə iddialar verilmişdir. Hazırda digər aktlar üzrə müvafiq qərarların qəbul olunması üzərində tədbirlər görülür.
Eyni zamanda, bələdiyyələrin qanunvericiliyin tələblərinə uyğun olan 57 normativ aktı Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına və dövlət uçotuna alınmışdır. Lakin görülmüş hüquqi maarifləndirmə tədbirlərinə baxmayaraq, bir sıra bələdiyyələr tərəfindən qanunvericiliyin tələbləri pozularaq, təqdim edilməsi mütləq olan bələdiyyə aktları inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə təqdim olunmamışdır.
Bununla əlaqədar nazirliyin təklifləri əsasında Milli Məclis tərəfindən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilərək bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsini və həmin orqana mütləq təqdim olunan bələdiyyə aktlarının surətlərini vaxtında təqdim etməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Qanunun tətbiqi nəticəsində 2005-ci ildə mərkəzin əməkdaşları tərəfindən qanun pozuntusuna yol vermiş 80 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilmişdir.
2005-ci ildə Bələdiyyələrlə İş Mərkəzində 2004-cü illə müqayisədə təxminən 1,5 dəfə çox - 1000-ə yaxın müraciət daxil olmuşdur. Müraciətlər, əsasən, bələdiyyə orqanlarının, bələdiyyə torpaqlarının idarə edilməsi, sabiq bələdiyyə sədri tərəfindən möhür və ştampların təhvil verilməməsi, bələdiyyə vəsaitlərinin düzgün xərclənməməsi, bələdiyyə sədrinin qanunsuz hərəkətləri, bələdiyyə üzvlərinin əmək haqqı və müavinəti ilə bağlı olmuşdur. Bütün müraciətlərə qanunla müəyyən edilmiş qaydada baxılaraq, müvafiq cavablar verilmiş, o cümlədən 70-i təmin edilmiş, 22 müraciət üzrə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə zəruri tədbirlər görülmüşdür.
Eyni zamanda, mərkəzə özündə inzibati nəzarət icraatına başlamaq tələbini əks etdirən 572 müraciət daxil olmuşdur. Bunların bir qisminə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılaraq, müvafiq cavablar verilmiş, daha ciddi qanun pozuntularını əks etdirən müraciətlər üzrə isə bilavasitə yerində 22 araşdırma aparılmışdır. Araşdırma nəticəsində 28 bələdiyyə aktı ləğv edilmiş, 3 bələdiyyə aktı dəyişdirilmiş, ayrı-ayrı bələdiyyələrin ümumilikdə 16 növ fəaliyyətinin qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı təkliflər verilmişdir.
Bununla yanaşı, 8 bələdiyyədə aşkar edilmiş 342 milyon manatdan çox maliyyə çatışmazlığı yerli büdcələrə ödətdirilmiş, bəzi bələdiyyələrdə aşkar edilmiş qanun pozuntuları və cinayət xarakterli faktlarla bağlı materiallar aidiyyəti üzrə tədbir görülməsi üçün prokurorluq orqanlarına göndərilmiş və nəticədə 2004-cü illə müqayisədə 3 dəfə çox - 15 cinayət işi başlanmışdır. 2005-ci ildə Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Ağcabədi rayonu Ağcabədi bələdiyyəsinin, Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsinin, İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin, İmişli rayonu Ağcüyür bələdiyyəsinin, Sabirabad rayonu Xankeçən bələdiyyəsinin fəaliyyətində daha ciddi qanun pozuntuları aşkar edilmişdir.
Göstərilənlərlə yanaşı, aparılmış araşdırmalar zamanı bəzi bələdiyyələrdə ciddi maliyyə pozuntularına yol verilməsi müəyyən edilmişdir. Belə ki, inzibati nəzarətin həyata keçirilməsi zamanı İmişli rayonu İmişli bələdiyyəsində 762 milyon manat və həmin rayonun Sarıxanlı bələdiyyəsində 275 milyon manat, Salyan rayonu Kürsəngi bələdiyyəsində 210 milyon manat, Ağcabədi rayonu Şənlik bələdiyyəsində 173 milyon manat, Neftçala rayonu Aşağı Qaramanlı bələdiyyəsində 51 milyon manat məbləğində maliyyə pozuntularına yol verilməsi aşkar edilmiş, ümumiyyətlə, 2005-ci il üzrə bu rəqəm 2,6 milyard manat (yeni Azərbaycan manatı ilə 520 min manat) təşkil etmişdir. Bununla bağlı müvafiq qaydada prokurorluğa göndərilmiş materiallar üzrə cinayət işləri başlanmış və onlardan bəziləri üzrə istintaq davam edir, digərləri isə baxılması üçün məhkəməyə göndərilmişdir.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı bir sıra bələdiyyələrdə eyni xarakterli pozuntulara yol verilməsi müəyyən edilmişdir. Həmin pozuntular yerli büdcənin, ümumiyyətlə, tərtib edilməməsi, yaxud qanunvericiliyə zidd tərtib edilməsi, bələdiyyədə auditin keçirilməməsi, bələdiyyənin maliyyə vəsaitinin israfı, bələdiyyənin iclasının müvafiq qərarı olmadan iclasın səlahiyyətinə aid məsələlər barədə sədr tərəfindən təkbaşına qərar verilməsi, o cümlədən bələdiyyə torpaqlarının idarə edilməsi və maliyyə vəsaitinin xərclənməsi ilə bağlıdır.
Bələdiyyə iclaslarının mütəmadi keçirilməməsi və protokollaşdırılmaması, bələdiyyənin və bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabat verməməsi, bələdiyyənin daimi komissiyalarının formalaşdırılmaması və yaxud qanunvericiliyə zidd qaydada formalaşdırılması, bələdiyyə qulluğunun qanunvericiliyə zidd təşkil edilməsi, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsi zamanı müvafiq icra hakimiyyəti orqanının rəyinin alınmaması, habelə torpaqlar satılarkən müvafiq bələdiyyə qərarının torpağın satış haqqı əvvəlcədən ödənilmədən verilməsi, vətəndaşların bələdiyyənin fəaliyyəti barədə məlumatlandırılmaması, vətəndaşların müraciətlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə baxılmaması və sair bu kimi qanun pozuntularını qeyd etmək olar.
Araşdırmaların nəticələri üzrə profilaktik tədbirlərin görülməsi, o cümlədən analoji qanun pozuntularına yol verilməməsi məqsədi ilə mərkəzin əməkdaşları İmişli, Neftçala, Salyan və Quba rayonlarında və ətraf rayonların bələdiyyələri və hüquq mühafizə orqanlarının iştirakı ilə cinayət işləri üzrə istintaq orqanları və məhkəmələr tərəfindən verilmiş təqdimatların müzakirəsini təşkil etmişlər. Həmçinin bələdiyyələr üçün xüsusi metodiki vəsaitlər hazırlanmış, bələdiyyə fəaliyyəti ilə bağlı yeni qanunvericilikdən və bələdiyyə aktlarından ibarət “Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteni” nəşr edilmişdir.
Eyni zamanda, 2005-ci ildə mərkəz tərəfindən bələdiyyələrin, dövlət orqanlarının, beynəlxalq təşkilatların, yerli və xarici qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, o cümlədən alimlərin və mütəxəssislərin iştirakı ilə 25-ə yaxın tədris tədbiri təşkil edilmişdir. Onlardan Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti, İFES Azərbaycan təşkilatı, Avrasiya Fondu, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və digər qurumlarla birgə keçirilmiş tədbirləri xüsusi qeyd etmək lazımdır. Həmçinin Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi tərəfindən ölkəmizdə keçirilmiş monitorinq əsasında verilmiş tövsiyələrə uyğun olaraq bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmış, Ədliyyə Nazirliyinin iştirakı ilə “Bələdiyyələrin regional assosiasiyalarının nümunəvi əsasnaməsi” layihəsi hazırlanmış və 2005-ci il 3 may tarixli Qanunla Milli Məclis tərəfindən təsdiq edilmişdir.
Eyni zamanda, qeyd olunmalıdır ki, bələdiyyə fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə xüsusi diqqətlə yanaşılır, bu sahədə normativ hüquqi aktlar müvafiq ekspertizadan keçirilərək, beynəlxalq standartlara və milli qanunvericiliyin tələblərinə müvafiq qəbul edilir. Təsadüfi deyil ki, parlament tərəfindən 2005-ci il 30 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Bələdiyyələr İttifaqının Nizamnaməsi digər normativ hüquqi aktların müddəalarını təkrarladığından və konseptual baxımdan mülki hüququn mahiyyətinə uyğun olmadığından ölkə başçısı tərəfindən imzalanmadan geri qaytarılmışdır. Həmin sənəd təkrarən müzakirə edilərək Milli Məclisin 2005-ci il 23 dekabr tarixli qərarı ilə qeyd olunan Qanunun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifi qəbul edilmişdir.
Yerli özünüidarə orqanları arasında assosiasiyaların təşkili məsələsinə xüsusi diqqət yetirilərək, mərkəzin əməkdaşları bir sıra tədbirlərdə, o cümlədən Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi, Norveç Yerli və Regional Hakimiyyətlər Assosiasiyası tərəfindən 2005-ci ilin 15-16 sentyabr və 8-9 dekabr tarixlərində Bakı şəhərində keçirilmiş seminarlarda iştirak etmiş, bu sahədə xarici təcrübəni öyrənmişlər. Bələdiyyələr arasında geniş təbliğat işi aparılmışdır. Bu tədbirlər nəticəsində respublikanın müxtəlif regionlarını təmsil edən bələdiyyələr öz iclaslarını keçirərək, assosiasiyaların yaradılması ilə bağlı təşəbbüs göstərilməsinə dair qərarlar vermişlər.
Eyni zamanda, ölkəmizdə olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin icraçı direktoru Ulrix Bonerin və İtaliyanın regional işlər naziri Enriko la Loccianın rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycan Respublikasının ədliyyə naziri ilə görüşərək, bir sıra məsələlərlə yanaşı, yerli özünüidarə və onun inkişafında bələdiyyə assosiasiyalarının rolu barədə fikir mübadiləsi aparmışlar.
Bələdiyyənin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, habelə beynəlxalq təcrübə əsasında milli qanunvericiliyimizin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması üçün 2004-cü ilin yekunları üzrə Milli Məclisə təqdim olunmuş illik məruzədə verilmiş təkliflərlə yanaşı, bələdiyyələrin fəaliyyətini tənzimləyən bəzi qanunvericilik aktlarına aşağıdakı əlavə və dəyişikliklərin edilməsi təklif olunur. Azərbaycan Respublikasının müvafiq Qanunu ilə təsdiq edilmiş Bələdiyyənin nümunəvi nizamnaməsinə əsasən bələdiyyə üzvləri səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilmədikdə bələdiyyə büdcəsinin vəsaiti hesabına 3 ay ərzində müavinət alırlar. Müavinət almaq hüququnun yalnız öz səlahiyyətlərini daimi əsasla icra edən, əmək haqqını bələdiyyə büdcəsinin vəsaiti hesabına alan bələdiyyə üzvlərinə (bələdiyyənin sədri, sədrin müavini və sair) və yaxud başqa iş yeri olanlar da daxil olmaqla bütün bələdiyyə üzvlərinə şamil edilməsi məsələsinin mövcud qanunvericilikdə aydınlaşdırılmaması yerli özünüidarə orqanlarında müəyyən çətinliklər yaradır. Bununla yanaşı, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinin bir sıra əmək, o cümlədən məzuniyyət və sair hüquqları mövcud qanunvericilikdə əks etdirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən, bu Məcəllə bələdiyyə üzvlərinə şamil edilmir. Göstərilən məsələlərin tənzimlənməsi məqsədi ilə Bələdiyyələrin nümunəvi nizamnaməsinə və “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq əlavə və dəyişikliklərin edilməsi məqsədəuyğun olardı.
Nazirlik tərəfindən həyata keçirilən profilaktik və maarifləndirmə tədbirləri nəticəsində ”Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarının inzibati nəzarət qaydasında baxılması üçün təqdim olunmasının sürətli artımı müşahidə edilir. Ölkəmizdəki 2.700-dən artıq bələdiyyə tərəfindən hər ay inzibati nəzarətin predmeti ola bilən bir çox qərarın qəbul edilməsi və həmçinin Avropa Şurası ekspertlərinin tövsiyələri nəzərə alınaraq, inzibati nəzarətin daha səmərəli həyata keçirilməsi məqsədi ilə gələcəkdə maliyyə imkanlarına uyğun olaraq, Bələdiyyələrlə İş Mərkəzinin yerli bölmələrinin yaradılmasına ehtiyac duyulacaqdır.
Hörmətli millət vəkilləri, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzədə qeyd olunan ən vacib məqamları nəzərinizə çatdırmaqla çıxışımın sonunda bildirmək istəyirəm ki, Ədliyyə Nazirliyi tərəfindən yerli özünüidarə orqanlarına metodoloji yardımın göstərilməsi və onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üçün bütün zəruri tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İllik məruzə haqqında Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadənin rəyini dinləyək, sonra müzakirələrə başlayaq.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri və qonaqlar! Müzakirə olunan məsələ Azərbaycan Respublikasının “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna uyğun olaraq təqdim edilmişdir. Bu, Ədliyyə Nazirliyinin ikinci hesabatıdır.
Hələ 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım mərkəzi yaradılmışdır. 2000-ci ildə həmin qurum Bələdiyyələrlə İş Mərkəzinə çevrilmişdir. Nazirlik tərəfindən onun fəaliyyətini tənzimləyən normativ hüquqi sənədlər işlənilmiş, mərkəzin fəaliyyətə başlaması üçün lazımi təşkilati məsələlər həyata keçirilmişdir.
Məruzədən göründüyü kimi, 2005-ci ildə mərkəz tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət sahəsində xeyli iş aparılmışdır. Bu işlər haqqında mükəmməl məlumat verildi. Mən çalışacağam ki, məruzə ilə əlaqədar komissiyanın mülahizələrini sizə çatdırım. Güman edirəm ki, nazirliyin nəzdində yaradılmış Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyəti inzibati nəzarət adlansa da, əsas məqsəd bələdiyyələrin işini təkmilləşdirmək, təşkilatçılıq səviyyəsini artırmaq və onların Azərbaycanın demokratik quruluşunda və vətəndaş cəmiyyətində özünəməxsus sanballı yer tutmasından ibarətdir. Ədliyyə Nazirliyi Azərbaycanın icra hakimiyyəti sistemində yeganə nazirlikdir ki, bu məsələlərlə məşğul olur və bu baxımdan nazirliyin bələdiyyələrlə iş üzrə fəaliyyətini heç də dolğun hesab etmək olmaz.
Bələdiyyələrin fəaliyyəti ilə əlaqədar cəmiyyətdə ən çox müzakirə edilən məsələ torpaq məsələsidir. Qısa müddət ərzində Bakının ətrafında böyük yaşayış məntəqələri salınıb. Bu torpaqların ayrılması hansı qaydada həyata keçirilib, məlum deyil. Məruzədə də bu haqda məlumat yoxdur. Düzdür, bəzi məlumatlar oldu ki, qanunsuz bələdiyyə qərarları ləğv olunub və hətta məhkəməyə də verilib. Bəzi hallarda bələdiyyələr mülkiyyətə verilən torpağın müqabilində onun ödənişini almayıb. Məncə, yeni yaşayış məntəqələri salınarkən kanalizasiya, su, elektrik və qaz təminatı nəzərə alınmır.
Mən sadəlövhlükdən uzaq bir insanam, başa düşürəm ki, bələdiyyələrin bu işi aparmaqdan ötrü bir elə imkanları da yoxdur. Ancaq hesab edirəm ki, bələdiyyələr əhalinin hesabınamı, ya başqa bir yolla bu məsələləri həll etməli idilər. Kanalizasiya olmayan bir yerdə yaşayış məntəqəsinin salınması gələcəkdə çox böyük çətinliklər yaradır. Nəticədə bir çox hallarda belə qəsəbələrin salınması nəzərdə tutulmuş dövlət əhəmiyyətli obyektlərin inşasına ciddi çətinliklər yaradır. Misal üçün, Bakı dairəvi yolunun inşasını götürək. Neçə illərdir ki, bu yolun çəkilməsi haqqında müzakirələr gedir. Bu yolun tikintisi üçün nəzərdə tutulan vacib bir sahə tamamilə zəbt olunub, evlər tikilib. Yolun üstündə, - mən 9-cu mikrorayonun ərazisini nəzərdə tuturam, - evlər tikilib. Belə halda layihənin reallaşması üçün külli miqdarda əlavə vəsait tələb olunur.
Digər misal - Bakının su ilə təminatı üçün Oğuz-Qəbələ ərazisində su kəmərinin çəkilməsi nəzərdə tutulur. 2008-ci ilin ortalarında kəmərin istifadəyə verilməsi planlaşdırılıb. Xocavənd yaşayış məntəqəsindən keçməklə kəmərin su hövzələri yerləşdirilməlidir. Ancaq bu gün kəmərin çəkilişi üçün boş yer qalmayıb və bu məsələ yenidən layihə işləri aparılmasını tələb edir. Eyni zamanda, hövzələrin tikilməli olduğu sahədə qanunsuz yaşayış evləri tikilib və kanalizasiya olmayan bir qəsəbədə bunun necə təhlükə yaratdığını təsəvvür etmək çətin deyil. Bu məsələ bizim yaxın tariximizdə birinci dəfə olsa idi, deyə bilərdik ki, bunu başa düşməmişik, görməmişik və sair. Ceyranbatan gölünün ətrafında qanunsuz tikilən evlərin kanalizasiya məsələsi indiyə kimi həll olunmayıb. Belə bir şəraitdə yenə belə bir səhvin olmasını heç cür bağışlamaq olmaz. Şübhəsiz, belə özbaşınalıq bilavasitə bələdiyyələrin qanunsuz fəaliyyəti nəticəsindədir.
Bir çox bələdiyyələr, məruzədə də deyildiyi kimi, onların sərəncamına verilən torpaqları qısa müddət ərzində tamamilə satıblar. Ancaq təqsiri yalnız bələdiyyələrdə görmək düz olmazdı. Məgər Bakı şəhərində yolun üstündə tikinti aparılanda yerli orqanların xəbəri olmayıb? Ya onlar bələdiyyəyə qarşı tədbir görmək iqtidarında deyildilər? Əfsuslar olsun ki, bir qayda olaraq qanunsuzluqlar bələdiyyələrlə yerli icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti nəticəsində baş verib. Hesab edirəm ki, torpaqların idarə edilməsinin qanunauyğunluğu Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət sahəsində ən vacib işi olmalı idi.
Bir neçə kəlmə bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunların icrası haqqında. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları bələdiyyələrin ərazilərinə və mülkiyyətinə verilən torpaq sahələrinin hüdudlarını, növlərini və ölçülərini göstərməklə müvafiq sənədləri təqdim etməli idilər. Bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli fərmanı ilə bələdiyyələrin mülkiyyətinə verilən torpaqlara aid müvafiq sənədlər iki ay müddətində bələdiyyələrə təhvil verilməli idi. Keçən il mülkiyyət hüququ haqqında dövlət aktı 2735 bələdiyyədən yalnız 638-nə verilmişdir. “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 15 gün müddətində bələdiyyələrin fəaliyyətini təmin etmək məqsədi ilə lazımi inzibati binalar, otaqlar və avadanlıq verilməli idi. Bu tapşırıqdan 6 il keçməsinə baxmayaraq, heç də bütün bələdiyyələr təmin edilməyiblər. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerli büdcəyə aid edilən gəlirlərdən küçə, divar reklamlarının yerləşdirilməsindən və yayımından yığılan ödəniş, habelə avtomobillərin dayanacaqları üçün rüsum nəzərdə tutulmuşdur. Bu vəsait də bələdiyyələrin büdcəsinə getməli idi. Bu məsələ ilə əlaqədar bələdiyyələrlə icra hakimiyyəti arasında ciddi problemlər var. Bəzi yerli icra hakimiyyətləri hətta özbaşınalıq edərək bu səlahiyyətləri mənimsəmişlər. Əfsuslar olsun ki, qanunların icrası haqqında məruzədə məlumat yoxdur, olsa da, çox cüzidir.
Bələdiyyələrin cəmiyyətdə artan rolunu və onların qarşısında duran məsələlərin əhəmiyyətini nəzərə alaraq, deməliyəm ki, Bələdiyyələrlə İş Mərkəzinin statusunu və strukturunu heç də qənaətbəxş hesab etmək olmaz. Mərkəz nazirliyin aparatının tərkibindədir, nazirliyin nəzdində ayrıca bir qurum kimi yaradılmışdır. Onun rəisinin maaşı 197 min manatdır, baş mütəxəssisinin maaşı isə 100 min manatdır. Aydındır ki, bu məvacib müqabilində mərkəzi yüksək peşəkarlıq səviyyəsinə malik mütəxəssislərlə təmin etmək qeyri-mümkündür. Nazirlər Kabinetinin 2004-cü il 12 mart tarixli sərəncamı ilə mərkəzin ştat sayı 35 vahid müəyyən edilmişdir. Lakin bu sərəncam tam həcmdə icra olunmamışdır. Mərkəzin regionlarda bölmələrinin yaradılması haqqında tapşırıq indiyə kimi həll olunmayıb.
Komissiya belə qərara gəlir ki, mərkəzin işçilərinə dövlət qulluğu statusu şamil edilməli və bu məsələ ilə əlaqədar Ədliyyə Nazirliyi lazımi tədbirlər görməlidir. Hazırda ölkəmizdə bələdiyyələrin sayı 2750-yə yaxınlaşır. Bütövlükdə bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının sayı 45-46 min nəfərə yaxındır. Belə olan halda 2005-ci il ərzində cəmi 150 nəfər bələdiyyə üzvü və bələdiyyə qulluqçusu ixtisasartırma kurslarına cəlb olunmuşlar. Güman edirəm ki, Ədliyyə Nazirliyi öz tədris müəssisəsinin maddi-texniki bazasını genişləndirməli və bu məsələdə dönüş yaratmalıdır.
Nəhayət, bələdiyyə fəaliyyətinə inzibati nəzarət anlayışı haqqında. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda bu haqda 1-ci maddədə anlayış verilibdir. Onu oxuyuram: “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir”. Yəqin ki, siz mənimlə razılaşarsınız ki, belə bir anlayış Ədliyyə Nazirliyinə tam imkan vermir ki, bələdiyyələrin fəaliyyəti ilə ciddi məşğul olsun. Söhbət burada yalnız inzibati nəzarətdən getməməlidir. Bələdiyyələrin fəaliyyətinə maneçilik edən dövlət orqanları, digər icra hakimiyyəti orqanları tərəfindən olan məsələlər vaxtında aradan qaldırılmalıdır. Bu nöqteyi-nəzərdən mən belə başa düşürəm ki, bu anlayışa düzəliş verilə və dəyişikliklər aparıla bilər.
Ancaq buna baxmayaraq, mən təkrar edirəm, Azərbaycanın icra hakimiyyəti sistemində Ədliyyə Nazirliyi yeganə nazirlikdir ki, bələdiyyə problemləri ilə məşğul olur. Ədliyyə Nazirliyi bələdiyyələrin fəaliyyətinə mənfi münasibət göstərən və ya onun fəaliyyətinə maneçilik törədən orqanların fəaliyyətinə nəzarət etməli, onun qarşısını almalıdır.
Hörmətli millət vəkilləri, Ədliyyə Nazirliyinin məruzəsinə komissiyada baxılmışdır və Milli Məclisə müzakirə olunmaq üçün tövsiyə edilir. Diqqətinizə görə minnətdarlığımı bildirirəm.
Sədrlik edən. Çox sağ olun, Arif müəllim. Bu gün bizim iclasda Prezidentin İcra Aparatının bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov və Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə iştirak edirlər. Müzakirələrdən sonra sual olsa, onlara müraciət edəcəyik. İndi müzakirələrə başlayaq. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk öncə Arif müəllimə öz minnətdarlığımı bildirmək istəyirəm ki, bu hesabat komissiyada ciddi müzakirə olunub və bizi narahat edən bir çox məsələlər artıq komissiyanın sədri tərəfindən söylənildi. Bu bizim parlamentimizdə az rast gəlinən hallardandır ki, komissiya sədrləri müzakirə olunan məsələlərə tənqidi yanaşır və çalışırlar ki, bu sahədə olan nöqsanlar açıq deyilsin, ört-basdır olunmasın və onların aradan qaldırılması istiqamətində addımlar atılsın.
Arif Rəhimzadə bütün cəmiyyətimizi narahat edən bir məsələyə toxunmadı. Yəqin, saxladı ki, biz deyək, bizə də danışmağa bir şey qalsın. Bu da bələdiyyələr tərəfindən torpaqların satılmasıdır. Hesabatda bu barədə heç nə deyilmir. Əksinə, hesabatda qeyd olunur ki, guya bəzi bələdiyyələr torpaqları verərkən icra hakimiyyəti orqanlarının rəyini almırlar. Amma şəxsən mən təsəvvür etmirəm ki, icra hakimiyyətlərinin razılığı olmadan hansısa bələdiyyə kiməsə torpaq verə bilsin. Oqtay müəllim, bütün bələdiyyələrin, habelə bütün icra hakimiyyəti başçılarının üzərinə kölgə salmaq fikrindən çox-çox uzağam. Amma bələdiyyələrin (2700-dən artıq bələdiyyə var) böyük əksəriyyətində torpaqların regionlar üzrə qiymətləri müəyyənləşmir ki, bunun arı (sotu) neçəyədir? Bəzi bələdiyyələr hətta icra başçıları tərəfindən cinayətə sürüklənirlər. Ona görə də icra başçısı razılıq vermək üçün müəyyənləşdirir ki, sən 6 ar (sot) kiməsə torpaq vermisənsə, mənə filan qədər pul verməlisən. Bu yaxınlarda Xaçmazdan mənə belə bir məlumat daxil olmuşdu. İstədim ki, zəng edib icra başçısı ilə danışım ki, bir nəfərə də rüşvətsiz torpaq verin. Amma icra başçısının köməkçisinə dəfələrlə zəng etdim, qaçdı, gizləndi, yəni əlaqə saxlamaq belə istəmədi. Prezident icra başçısını təyin edir, göndərir ki, gedin, orada abadlıq işləri aparın, orada qanunun aliliyini təmin edin. Amma onlar da gedib, orada neqativ işlərlə məşğul olmağa başlayırlar.
Mən nəyi söyləmək istəyirəm? Bəzi hallarda bələdiyyələr rüşvət almaq bir tərəfə, Allahı da unudurlar. Bizim dövlət tərəfindən mənzil tikilmir. İnsanların çoxu istəyir ki, şəhər ətrafında yer alsın, özü üçün ev tiksin. Amma elə qiymətlər müəyyənləşib ki, bunu almaq imkanında deyillər, ya da torpağı alırlar, pulu bələdiyyələrə verirlər. Arif müəllim qeyd etdi ki, kanalizasiya çəkmək üçün bələdiyyələrin maliyyə imkanları yoxdur. Aldıqları rüşvətlərin bir hissəsini rəsmiləşdirsələr, mən sizə tam məsuliyyətlə deyirəm ki, kanalizasiyalar da çəkmək mümkündür, orada infrastruktur da qurmaq mümkündür. Çox təəssüf ki, bunlar baş vermir. Bu vəziyyəti aradan qaldırmaq üçün təklif edərdim ki, dünyanın bir çox ölkələrində bələdiyyələrə nəzarət funksiyasını yerinə yetirən qurumlar müstəqildirlər. Bəzi ölkələrdə müvafiq yerli özünüidarə orqanları ilə bağlı nazirliklər, bəzilərində dövlət komitələri, bəzilərində də dövlət agentlikləri var. Bizdə onsuz da Ədliyyə Nazirliyinin nəzarət etdiyi sahələr həddindən artıq çoxdur. Həm həbsxanalara nəzarət edirlər, həm siyasi partiyalara, həm qeyri-hökumət təşkilatlarına, həm məhkəmələrə, həm də bələdiyyələrə. Məncə, bizdə də vaxtı çatıb ki, müstəqil bir qurum yaradılsın, səlahiyyətləri artırılsın və eyni zamanda, bələdiyyələrin icra orqanlarından asılılığına da müəyyən mənada son qoyulsun.
Bələdiyyələr yerli özünüidarə orqanları kimi müstəqil fəaliyyət göstərməlidirlər və bunların da üzərində müvafiq agentlik, ya da komitə öz nəzarət funksiyasını yerinə yetirməlidir. Bu sahədə ciddi nizam-intizam yaradılmaması xalqı, camaatı həm dövlətdən narazı salır, həm də insanları ağır məhrumiyyətlərlə üz-üzə qoyur. Ona görə də mən özümə borc bildim ki, bu məsələlər barədə bu gün danışım və Milli Məclis rəhbərliyinin, millət vəkillərinin diqqətini bu problemə yönəldim. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ədliyyə nazirinin müavini Vidadi müəllimin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik hesabatını məqbul hesab edirəm və bildirmək istəyirəm ki, illər keçdikcə bələdiyyə institutu Azərbaycanda təkmilləşir, bələdiyyələr ölkənin sosial-iqtisadi həyatında, eləcə də yerli əhəmiyyətli məsələlərin həll olunmasında daha yaxından iştirak edirlər. Sözsüz ki, bu, respublikada aparılan quruculuq işləri ilə, bələdiyyələrə göstərilən qayğı və bu sahədə keçirilən tədbirlərlə əlaqədardır.
Ədliyyə Nazirliyi, eləcə də Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Bələdiyyələrlə İş Mərkəzi son illər, həqiqətən də, çox ciddi tədbirlər həyata keçirir. Bunu alqışlamağa dəyər. İşdə nöqsanlar da var. Mən təəssüf edirəm ki, bu gün bələdiyyələrin fəaliyyətinə ikili mövqedən yanaşma var. Bir çox insanlar bələdiyyələrin fəaliyyəti ilə yaxından tanışdır, bu institutun təkmilləşməsində yaxından iştirak edir, bələdiyyələrin fəaliyyətinə obyektiv qiymət verir, dəyərləndirir, nəinki müsbət cəhətləri, eləcə də nöqsanları açıq söyləyirlər. Biz hesabatda da bunu gördük, komissiyanın sədri hörmətli Arif müəllimin arayışında da bunu eşitdik. Lakin bələdiyyənin fəaliyyəti ilə tanış olmayan, regionlarda bələdiyyələrin işini yaxından bilməyən adamlar mətbuat səhifələrində, televiziya verilişlərində bələdiyyələri ancaq torpaq satan bir orqan kimi qiymətləndirirlər. Əslində, belə deyil.
Biz 1999-cu ildə bələdiyyələrin ilk seçkilərindən sonra keçən dövrə nəzər salsaq, görərik ki, ildən-ilə bələdiyyə institutu təkmilləşir və bələdiyyələrin fəaliyyəti artır. Bu gün biz komissiyanın üzvləri kimi regionlara gedirik. Müsbət iş təcrübəsi olan bələdiyyələr var. Məktəb, xəstəxana tikən, yol çəkən, parklar yaradan, minlərlə adamlara maddi yardım göstərən bələdiyyələr var. Əgər belə olmasaydı, bu gün beynəlxalq təşkilatlar Azərbaycan bələdiyyələrinə maraq göstərməzdilər. Son bir ildə Azərbaycanda bir çox beynəlxalq tədbirlər həyata keçirilib. Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi və Norveç Yerli və Regional Hakimiyyətlər Assosiasiyası Azərbaycanda bələdiyyələrin milli assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu çox yaxşı haldır, Azərbaycanda bələdiyyələrin fəaliyyətinin səmərəliyi üçün çox vacibdir. Britaniyanın Xarici İşlər Nazirliyinin fondu da bu yaxınlarda bir layihə təqdim edib. Bir çox rayonlarda, o cümlədən Əli Bayramlıda, Lökbatan bələdiyyələrində bu layihə tətbiq olunub və müsbət nəticələr verib. Eləcə də Avropa Şurasının Nazirlər Komitəsi bu günlərdə müəyyən regional layihələr təqdim etmək fikrindədir. Tövsiyə olunub ki, Azərbaycan bələdiyyələri də burada iştirak etsinlər.
Bu gün Azərbaycan bələdiyyələrinin Türkiyə ilə, başqa xarici ölkələrlə əlaqələri möhkəmlənir. Sözsüz ki, bu gün işimizdə müəyyən nöqsanlar var. Bu, ilk növbədə bələdiyyələrin maariflənməsi ilə əlaqədardır. Hələ biz bu işləri yüksək səviyyədə həyata keçirə bilmirik. Hesabatda haqlı olaraq göstərildi ki, regionlarda müəyyən tədbirlər, seminarlar keçirilir. Bu azdır. Hörmətli Arif müəllimin də çıxışında göstərildi ki, respublikada bələdiyyə qulluqçularından ancaq 150 nəfər həmin seminarlara cəlb olunub. Bu gün bir çox beynəlxalq təşkilatlar Azərbaycan bələdiyyələrinə müəyyən maliyyə yardımı ayırmaq istəyirlər. Lakin belə bir milli assosiasiya, yaxud da bələdiyyələrin səlahiyyətlərinə toxunmamaq şərti ilə elə bir mərkəz yoxdur ki, onlar həmin mərkəzə vəsait qoysunlar. Mən elə bilirəm ki, biz təşəbbüs göstərməliyik, Azərbaycan bələdiyyələrinin milli assosiasiyası tezliklə yaradılsın. Elə bilirəm ki, bu, bələdiyyələrin gələcək inkişafına böyük töhfələr verə bilər.
Biz bələdiyyələrin beynəlxalq təşkilatlara, beynəlxalq aləmə çıxışlarını təmin etməliyik. Bu sahədə də Ədliyyə Nazirliyi öz sözünü deyə bilər. Arif müəllim burada xatırlatdı, mən də onun sözünə dəstək olaraq bildirmək istəyirəm ki, çox az sayda bələdiyyəyə mülkiyyətə dair dövlət haqqı verilir. Yerlərdə bələdiyyələrin fəaliyyəti tamamilə iflic edilir. Çünki yeri gələndə deyirlər ki, sənin əlində mülkiyyətə dair dövlət aktı yoxdur, ona görə bu torpaqları qanunsuz vermisən.
Burada torpaqların satılması məsələsinə toxunuldu. Mən düzünü demək istəyirəm ki, bu gün bələdiyyələrin funksiyalarından biri də torpağın satılmasıdır. Çünki bələdiyyələr mülkiyyətində olan torpağı satır. Digər tərəfdən 1 ildən 99 ilə kimi onu icarəyə verib, pulunu alıb, həmin vəsaitlə də müəyyən tədbirlər həyata keçirə, müəyyən işlər görə bilər. Ancaq müəyyən cinayət halları baş verir. Mən bunun tərəfdarı deyiləm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ən əvvəl mən onu qeyd etmək istəyirəm ki, bələdiyyə seçkilərindən keçən müddət ərzində bu seçkilərin nəticəsi olaraq 135 bələdiyyədə seçkilərin nəticəsi ləğv edilmişdi. Eyni zamanda, Milli Məclis tərəfindən edilən dəyişikliklərlə əlaqədar inzibati ərazi vahidləri ilə bağlı 67 yeni bələdiyyə yaradılıb. Bələdiyyə seçkiləri 2004-cü ildə olub və artıq 2 il kifayət qədər böyük müddətdir ki, bələdiyyələrdə seçkilər keçirilsin. Amma Tahir müəllim öz çıxışında belə bir fikir işlətdi ki, bilənlər də, bilməyənlər də danışırlar. Mən bələdiyyələrin işinə beş ay ərzində seçki kampaniyası dövründə bələd olan insan kimi bəzi məsələləri deyirəm.
Tahir müəllim deyir ki, bələdiyyələrin işi torpaq satmaqdır. Amma bələdiyyələr nə ilə məşğul olurlar? Mən Tovuz rayonuna getmişdim. Rayonun prokuroru hesabat verir. Rayonda şikayətlərin çoxu bələdiyyələrlə bağlı idi. Bəli, bələdiyyə torpaq sata bilər. Ancaq necə satır? Arif müəllim öz fikrini çox gözəl dedi. İcazəsiz necə sata bilər, strukturlar hara baxırlar? Məsələn, şifahi icarəyə verir, bələdiyyələr kəndlərdə, rayonlarda camaatı bir-birinə vurmaqla məşğuldurlar. Deyir, sənədi verəcəyəm, insan gedir, həmin torpaqda özünə ev tikir. Hər kəs bölgədə bilir ki, bələdiyyə rayon icra hakimiyyətinin razılığı olmadan daşı daş üstünə qoya bilməz. İnsan ev tikir, sonra bələdiyyə pul alır, başqa birisinə rəsmi sənəd verir. Bu adam da gəlib deyir ki, bu torpaq mənimkidir, çıxmalısan. Mən xahiş edirəm, Ədliyyə Nazirliyi bunun təhlilini aparsın. Bu gün rayonlarda nə qədər bu cür ciddi problemlər yaranıb. Sonra icarə məsələsi... Neçə illik icarəyə verib? Bəli, bələdiyyələrin fəaliyyəti nəticəsində həmin icarə torpaqları cəmi bir neçə imkanlı adamın əlində cəmləşib. Mən hesab edirəm ki, bu məsələlər ciddi araşdırılmalıdır.
Burada bir məsələ də var. Burada icra strukturları məsələsini dedim. Mülkiyyətə aid dövlət aktları verilir... Bəli, bu gün mən də hamısı barədə danışmaq istəmirəm, amma bələdiyyələrin əksəriyyəti rayon icra hakimiyyətinin şöbələri şəklində fəaliyyət göstərirlər. Sanki səlahiyyətləri az olan bir şöbə şəklində fəaliyyət göstərirlər. Ona görə də çox yaxşı olardı, - Arif müəllim də bu məsələyə toxundu, - araşdırılsın ki, nəyə görə bələdiyyələrə verilməli olan səlahiyyətlər indiyə qədər verilməyib?
Digər məsələ nəzarət məsələsidir. Bu çox yaxşı məsələdir. Biz illik məruzəyə baxanda görürük ki, daxilolmalardan 2,6 milyard manat dövlətə ziyan vurulub. Görün, indi bütün bu sənədlər gəlsə, nə mənzərə çıxacaq. Biz bu səlahiyyətləri verməklə yanaşı, həmin səlahiyyətləri genişləndirməliyik. Deməli, bunlara ciddi nəzarət də olmalıdır. Amma ciddi nəzarət necə olacaq? Arif müəllim gözəl dedi... Bu nəzarət bir tərəfdən niyə yaxşıdır? Bilirsiniz ki, vətəndaşların rayonlarda, kəndlərdə hüquqi təhsilləri aşağı səviyyədədir və məhkəmələrə müraciət edə bilmirlər. Amma məhkəmələrə birbaşa bu orqanın müraciəti çox yaxşı məsələdir. Məsələnin digər tərəfi də var. Əgər nəzarətedici orqanın əməkdaşlarının əmək haqqı çox cüzidirsə, sabah bu aktlar gələndə bunların çoxu həmin bələdiyyələrlə əlbir olacaq. Yəni onların qərarları, cərimələri o qədər də böyük cərimələr deyil, amma maxinasiyalardan çox böyük vəsait əldə edirlər. Sabah ikinci nəzarətedici orqan onların dəstəkləyici orqanına çevriləcək. Həmin nəzarətedici orqanın əməkdaşlarının əmək haqqı məsələsi ciddi şəkildə öz həllini tapmalıdır.
Nə baş verir? Ortada insanların həyatı gedir. Nə vaxtsa vətəndaşa bir bələdiyyə sədri sənəd verir, torpaq verir. Vətəndaş götürüb orada ev tikir. Sonra o biri bələdiyyə seçilir. Təzə bələdiyyə deyir ki, o biri bələdiyyə səhv verib. Məhkəməyə verir, həmin insanın sənədlərini ləğv etdirir. İnsan çətin vəziyyətdə qalır. O biri bələdiyyə də öz kefində... Ona görə də bələdiyyələrin vəziyyəti rayonlarda, kəndlərdə çox acınacaqlıdır. İnsanlardan çoxlu şikayət, məktub gəlir. Ona görə də bu sahə çox ciddi nəzarət altında olmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Bugünkü müzakirəyə təqdim olunan hesabat çox önəmli və əhəmiyyətlidir. Azərbaycanda yerli özünüidarəetmə orqanlarının təsisatı və bütövlükdə Azərbaycanda əks-mərkəzləşmə siyasətinin həyata keçirilməsi baxımından, şübhəsiz ki, bu hesabat və bu hesabatda əks olunan müddəalar çox ciddi şəkildə Milli Məclisin diqqətini cəlb etməlidir. Lakin etiraf etməliyik ki, hesabatda təqdim olunan məlumatlar bütövlükdə Azərbaycanda bələdiyyə institutunun tam mövcud vəziyyəti haqqında ətraflı məlumat vermir.
Bu gün burada həmin məsələyə belə izahat verilə bilər ki, Ədliyyə Nazirliyinin müvafiq orqanı yalnız inzibati nəzarəti həyata keçirir. Ancaq məndən əvvəl çıxış edən hörmətli həmkarlarım haqlı olaraq qeyd etdilər ki, Azərbaycanda bələdiyyələrin ümumi vəziyyətinə dair həm iş görə bilən, həm də vəziyyəti ildə bir dəfə parlamentə təqdim edə bilən bir quruma, doğrudan da, ehtiyac var. Burada təkliflər oldu ki, bu, mövcud qurumun səlahiyyətlərinin genişləndirilməsi və təkmilləşdirilməsi baxımından bələdiyyə assosiasiyası da ola bilər.
Mən bu hesabatla bağlı iki rəqəmi diqqətinizə cəlb etmək istəyirəm. Burada göstərilir ki, keçən ilə nisbətən bələdiyyələrlə bağlı daxil olan şikayətlərin sayı 1,5 dəfə artıb, həmçinin 1000-ə yaxın müraciət daxil olub. Sonrakı səhifədə görürük ki, həmin müraciətlərin cəmi 70-i təmin edilmiş, 22 müraciətdə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür. Yerdə qalan 900-ə yaxın müraciətin taleyi haqqında çox səthi məlumat verilir. Bilinmir ki, bunların mahiyyəti necə olub, bu istiqamətdə konkret hansı addımlar atılıbdır? İnzibati nəzarətlə bağlı 572 müraciət daxil olub və onların cəmi 22-si araşdırılmışdır. Bəs yerdə qalan 550 müraciətin taleyi necə olmuşdur? Hesabatda bir çox məsələlər də nəzərə alınmayıb.
Mənə elə gəlir ki, bu gün bələdiyyələrlə bağlı məsələni iki hissəyə bölmək olar. Birincisi bələdiyyələrin özlərindən asılı olan problemlərdir. İkincisi bələdiyyələrdən asılı olmayan və ya müvafiq icra qurumları ilə münasibətlərdən qaynaqlanan problemlərdir. Bələdiyyələrin özlərindən asılı olan problemlər burada geniş qeyd olundu. Bu gün bələdiyyələrin idarə olunmasından tutmuş qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhaliyə 6 aydan bir hesabat verilməsinə qədər çox böyük problemlər var. Hətta elə bələdiyyə var ki, özünün illik büdcəsinin formalaşması, pulun xərclənməsi ilə bağlı problemlərlə rastlaşır. Sədr görür ki, bələdiyyə işçisinin təcrübəsi yoxdur. Çox yaxşı olardı ki, həmin hesabat hazırlanan zaman bu istiqamətdə konkret təkliflər irəli sürülsün, bununla bağlı konkret addımlar atılsın. Haqlı olaraq qeyd olundu ki, bu gün 20 mindən çox bələdiyyə üzvünün yalnız 150 nəfəri treninqə, tədrisə cəlb olunubdur.
Nəhayət, əsas problemlər sırasında yerli icra hakimiyyəti orqanları ilə olan münasibətlərdəki boşluqlardır. Gəlin, etiraf edək ki, elə icra hakimiyyəti başçıları var ki, bələdiyyə sədrini öz otağına dəvət edir, kifayət qədər tənqid edir, hətta iclaslarda ayaq üstə saxlayaraq, onu məzəmmət edir. Etiraf etməliyik ki, bu gün bələdiyyələrin bir çoxu sərbəst şəkildə qərar qəbul edə bilmir. Gəlin, statistikaya nəzər salaq. Bu gün məhkəmələrin monitorinqini aparsaq, görərik ki, çox az miqdarda bələdiyyələrlə icra hakimiyyətləri arasında məhkəmə çəkişmələri var və həmin çəkişmələr də çox vaxt icra hakimiyyətinin xeyrinə həll olunur. Bu gün məhkəmələrin tam şəkildə öz hüquqlarını və üzərinə düşən vəzifələri qanunvericiliyə uyğun şəkildə həyata keçirməsində çox ciddi problemlər var ki, gərək bunu bizim icra hakimiyyəti nəzərə alsın. Mən istərdim ki, bir suala da cavab tapaq. Bu il, keçən il dövlət tərəfindən bələdiyyə sisteminə nə qədər dotasiya ayrılıbdır? Bu dotasiyanın xərclənmə qaydası, şəffaflığı ilə bağlı hesabatda bir müddəaya rast gəlmədik.
Qısaca bir məsələyə də toxunmaq istəyirəm. Bu gün 1700-dən çox bələdiyyə üzvü seçilməyib. Təxminən 421 bələdiyyənin bu gün ya tam tərkibi formalaşmayıb, ya da qismən formalaşmayıb. Bu da Azərbaycanda bütövlükdə bələdiyyənin bir sistem olaraq, vətəndaş cəmiyyətinin əsas sistemi olaraq formalaşmasına mənfi təsir göstərir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Hörmətli sədarət, hörmətli deputatlar! Yəqin ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə nəzərə alınacaqdır. Ancaq mən sizin diqqətinizi məruzədəki iki məqama cəlb etmək istərdim.
Əvvəla, bizə müzakirə üçün təqdim edilən dördvərəqli məruzənin üst-üstə az qala iki vərəqi bələdiyyələrə aid müxtəlif dövrlərdə qəbul edilmiş normativ hüquqi aktların izahına həsr edilmişdir. Fikrimizcə, məruzədə bu sənədlərin təhlilinə yox, bələdiyyələrdəki real vəziyyət və çıxış yolları barədə təkliflərə mümkün qədər geniş yer ayırmaq daha məqsədəuyğun olardı. Məruzə ilə tanış olarkən ikinci bir məqam da mənim diqqətimi çəkdi. Məruzədə aparılan yoxlamaların nəticələri, aşkar edilən pozuntular qruplaşdırılmış, bələdiyyələrdə yol verilən pozuntuların təsnifatı verilmişdir. Əslində, həmin pozuntular bələdiyyə fəaliyyətində o sahələrə aiddir ki, onsuz bələdiyyə fəaliyyəti haqqında danışmağın özü anormal görünür. Məruzədə qeyd edildiyi kimi, ilk bələdiyyə seçkilərinin keçirildiyi 1999-cu ildən bəri keçən müddət ərzində bir sıra bələdiyyələrdə yerli büdcə tərtib edilmirsə, sədr təkbaşına qərarlar verirsə, bələdiyyə iclaslarının keçirilməsi və protokollaşdırılması tamamilə pozulursa, bələdiyyələr seçicilər qarşısında hesabat vermirlərsə, bu halda bələdiyyələrin hansı fəaliyyətindən danışmağa dəyər? Əgər çox ciddi pozuntular varsa, o halda hesab edirik ki, Bələdiyyələrlə İş Mərkəzi öz fəaliyyətinin səmərəli olub-olmaması barədə ciddi düşünməlidir.
Təqdim edilən məruzədə təmsil etdiyim rayonun adı üç yerdə hallandırıldığından bəzi məsələlərə aydınlıq gətirməyi vacib saydım. Məlumat üçün bildirim ki, iki il bundan əvvəl İmişli şəhər bələdiyyəsində çox ciddi bir insident baş verdi. Rayon icra hakimiyyətinin başçısı nisbətən müstəqil fəaliyyət göstərən şəhər bələdiyyəsinin sədrini vəzifədən uzaqlaşdırmaq qərarına gəldi. Lakin bələdiyyə üzvləri öz sədrlərini müdafiə etdiklərindən başçı ilə bələdiyyə sədri arasında uzun müddət qarşıdurma yarandı. Sonda Bələdiyyələrlə İş Mərkəzi köməyə çağırıldı və qısa müddətdə sədr vəzifədən çıxarıldı, onun fəaliyyəti yoxlandı və iş prokurorluğa verildi. İndi rayonda yeni bələdiyyə sədri özünün komandası ilə fəaliyyət göstərir və ona işləmək üçün hər bir şərait yaradılmışdır. Çünki o, rayon icra hakimiyyətinin kiçik bir şöbəsinə çevrilmişdir və İmişlidə yalnız torpaq satışını rəsmiləşdirən bir orqanın funksiyasını yerinə yetirir.
Mən bu çıxışımla İmişli şəhər bələdiyyəsinin sabiq sədrini müdafiə etmək fikrindən çox uzağam. Ancaq hesab edirəm ki, bələdiyyələrin işinə inzibati nəzarət heç də yerlərdə onları mütiləşdirməməli, əksinə, həyata keçirilən bütün tədbirlər, sözün əsl mənasında, bələdiyyələrin müstəqil fəaliyyət göstərən, ancaq öz seçicilərinə hesabat verən özünüidarə orqanlarına çevrilməsini təmin etməyə yönəldilməlidir. Hesab edirəm ki, məruzədə qeyd edildiyi kimi, Bələdiyyələrlə İş Mərkəzi son parlament seçkiləri ilə əlaqədar yerlərdə bələdiyyə sədrlərindən, bələdiyyə qulluqçularından ibarət seçki qərargahı yaradıb, onları bir növ seçkilərin saxtalaşdırılmasında iştiraka sövq etməkdənsə, bələdiyyələri tamamilə unudulmuş əsas işə - abadlıq və təmizlik işinə cəlb etmək üçün qərargah yaratsaydı, bələdiyyələrin büdcəsini doldurmaq üçün bu istiqamətdə iş görsəydi, daha məqsədəuyğun olardı.
Məhz belə tədbirlərin olmamasının nəticəsidir ki, bu gün İmişli kimi şəhər bələdiyyələrinin bütün fəaliyyəti onun yeganə işlək komissiyası olan torpaq komissiyasının fəaliyyəti ilə məhdudlaşdırılmışdır. Bələdiyyə sədrləri rayonun yerli icra hakimiyyəti strukturlarının məmurları ilə iş birliyinə girərək rayon mərkəzini satmaqla məşğul olurlar. Artıq torpaq qurtarır. İndi abadlaşdırılmış ictimai yerlər, istirahət parkları, yaşıllıqlar, hətta səkilər də satışa çıxarılmışdır. Bu biabırçılıq, bu cinayət məhz nəzarətsizlik üzündən baş verir. Təkcə bir faktı qeyd etmək istərdim. İmişli şəhər bələdiyyəsinin üzvləri 1999-cu ildə seçiliblər. 2004-cü il seçkilərində saxtakarlıq olduğundan şəhər bələdiyyəsində və bəzi kənd bələdiyyələrində seçkilərin nəticələri ləğv edildi.
“Bələdiyyə seçkiləri haqqında” Qanunun 45-ci maddəsinə uyğun olaraq, 3 aydan gec olmayaraq, təkrar seçkilər keçirilməli idi. Lakin sonuncu bələdiyyə seçkilərindən 1 il 3 aya qədər vaxt keçməsinə baxmayaraq, təkrar seçkilər keçirilmədi. Nəticədə öz səlahiyyətlərini saxlayan, tamamilə arxayınlaşan, seçicilərlə əlaqəni kəsən, yerli icra hakimiyyətindən başqa heç kəsə hesabat verməyən köhnə bələdiyyə üzvləri bələdiyyə statusundan öz şəxsi məqsədləri üçün istifadə etmək imkanı əldə etdilər. Mən gözləyirdim ki, bugünkü məruzədə 1 il 3 ay ərzində keçirilməyən, demək olar ki, unudulmuş təkrar bələdiyyə seçkilərinin keçirilməsinin zəruriliyi daha çox qabardılacaqdır. Çox təəssüf ki, məruzədə bu məsələ unuduldu. Bu isə o deməkdir ki, 7 ilə yaxın bir müddət ərzində bələdiyyə üzvü səlahiyyətlərini öz əllərində saxlayan bir qrup insan bələdiyyələrin imkanlarından hələ bir müddət öz şəxsi mənfəəti üçün istifadə edəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Yevda Abramov.
Y. Abramov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bilmirəm, millət vəkilləri arasında bələdiyyə sahəsində işləyən insanlar varmı? Amma mən parlament seçkilərindən qabaq beş il bələdiyyə sədri işləmişəm, ona görə də bu gün müzakirə edilən məsələ mənə çox yaxından tanışdır. Burada deyilən bir sıra məsələlərlə bağlı hörmətli Arif Rəhimzadənin və Tahir müəllimin prinsipial ideyaları səsləndi.
Birinci növbədə məruzə haqqında fikrimi demək istəyirəm. Məruzə hüquqşünas tərəfindən hazırlanmışdır. Doğrudan da, bir sıra qanunlar burada sadalanır. Ancaq biz gözləyirdik ki, məruzədə bələdiyyələrin işinə mane olan prinsipial problemlər açılaydı.
Ədliyyə Nazirliyindəki qurumun sədri cənab Mehdi Səlimzadə ilə mən çox yaxından tanışam. Doğrudan da, o həmin mərkəzdə işləyəndən bizim regionda bir neçə dəfə seminar keçirib. Mən onunla Bakı şəhərində də, regionlarda da bu seminarlarda iştirak eləmişəm. Mən bələdiyyənin iş təcrübəsini öyrənmək üçün xarici ölkədə olmuşam, Amerika Birləşmiş Ştatlarına ezam edilmişəm. Mənim sədrlik etdiyim bələdiyyənin iş təcrübəsi ilə respublika maraqlanıb. Cənab Prezident iki dəfə orada olub. Hər iki dəfədə də məmnun qalıb. Məsələyə obyektiv yanaşmaq lazımdır. Bu gün bələdiyyələrə damğa yapışdırılır – “Torpaq satır, nə bilim, nə edir?” Bəs nə etsin? Hər şey satılır, bu bədbəxt də satır. Bunun üçün qalan bir tikə torpaqdır, satır. Amma burada bir az vicdanla baxaq görək, bu nə təhər satılır? Azərbaycanın elə rayonu var ki... Azərbaycanlıdır, amma Rusiya vətəndaşıdır. Çox asanlıqla Azərbaycan pasportunu əldə edib. Bir rayonda iki nəfər şəxs min hektar alıb, Oqtay müəllim. Bu rayonun bələdiyyəsi üçün, burada yaşayan xalq üçün gələcəyə nə qalır?
Elə bələdiyyələr var ki, onun bir qarış torpağı yoxdur. Məsələn, Quba rayonunda Qırmızı qəsəbə bələdiyyəsinin bu günə qədər torpaq sahəsi yoxdur. Ümumiyyətlə, islahat vaxtı bu qəsəbə tamamilə yaddan çıxarılıb. Qəsəbə sakinləri bilirlər ki, burada bir ar (sot) torpağın qiyməti Malakan bağının yanında olan bir ar (sot) torpağa bərabərdir. İnsanlar hara getsinlər? Sabah bu təzə qurulan ailələr hara getməlidirlər? Mən dəfələrlə cənab Prezidentə, iki dəfə Abbas Abbasova, Qərib Məmmədova müraciət etmişəm. Bu günədək bələdiyyə üçün ayrılan 6 hektar torpaq sahəsinə mülkiyyət hüququ haqqında sənəd verilməyib.
Ümumiyyətlə, Oqtay müəllim, mən üzr istəyirəm, bələdiyyələr dünyaya çətin doğulan uşaq kimi gəldilər. Ona görə də bu cür fəsadlar üzə çıxır. Mənə elə gəlir ki, məruzədə bu fəsadlara fikir verilməli idi. Düzdür, biz bu gün ulu öndərimizin ruhu qarşısında baş əyməliyik. Yalnız onun iradəsinin gücü idi ki, Azərbaycanda bələdiyyələr qaldı. Bir çoxları elə bilirdi ki, Azərbaycanda bələdiyyə təsisatı, ümumiyyətlə, oturuşmayacaq. Amma mən elan edirəm ki, qanunlardakı boşluğa baxmayaraq, bələdiyyələr çox vicdanla işləyirdilər. Mən hər il 250 min dollar qəsəbənin abadlığına xərcləyirdim. Bunları qazanmırdım, iş adamlarını cəlb eləyirdim. Amma torpağım olsaydı, mən də satardım. Satıb, qəsəbənin abadlığı üçün xərcləyərdim.
Mən yenə deyirəm ki, bu satış əməliyyatında böyük qüsurlar var. Rayonda notarial qaydalarda əməliyyatlar keçirilir. Oqtay müəllim, bələdiyyələrin işinin obyektiv qiymətləndirilməsi üçün “Notariat haqqında” Qanuna dəyişikliklər edilməlidir. Orada torpaqlar bələdiyyənin xəbəri olmadan adi bir arayışla satılır. Burada evlər satılır. Bələdiyyənin bundan xəbəri yoxdur. Amma bələdiyyənin maliyyə mənbəyi bu torpaqdan gələn icarə haqlarıdır, əmlak vergiləridir. Bələdiyyənin isə xəbəri yoxdur. Mühüm bir məsələdir.
Tarixçilər bilirlər ki, 1917-ci ildə Petroqradda inqilab olmuşdur. İki hakimiyyətlilik əmələ gəlmişdir. Birində güc var idi, hakimiyyət yox idi. O birində hakimiyyət var idi, güc yox idi. İnanın, bələdiyyələrin ümumi vəziyyəti belədir. Baxmayaraq ki, xalq tərəfindən seçilib, hakimiyyəti yoxdur. Ona görə də ümumiyyətlə, bələdiyyələr haqqında obyektiv danışmaq lazımdır. Gələcəkdə bu qurumun daha da inkişaf etdirilməsi, bu təsisatın Azərbaycanın siyasi həyatında oturuşması üçün daha sanballı qanunlar qəbul etmək lazımdır. İndiyə qədər qəbul edilmiş qanunlara əlavələr və dəyişikliklər etmək lazımdır.
Məruzəni qəbul etmək olar. Amma məruzədə tənqidi fikirlər olsaydı, daha yaxşı olardı. Bütün deputat həmkarlarımı bələdiyyə məsələləri haqqında obyektiv, mütərəqqi danışmağa dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elton Məmmədov.
E. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, hörmətli dəvət olunan qonaqlar! Mən də hesab edirəm ki, ədliyyə nazirinin müavini hörmətli Vilayət müəllimin hesabat çıxışında və çox hörmətli komissiya sədri Arif Rəhimzadənin verdiyi məlumatda, bələdiyyələrin bu gün müzakirəmizə çıxarılan illik hesabatında kifayət qədər həm obyektiv, həm də tənqidi fikirlər söylənildi. Həmkarlarım münasibət bildirəndə həm tənqidi, həm də bələdiyyə işinin yenidən təkmilləşməsi haqqında fikirlərini söylədilər. Mən də, ümumilikdə, Milli Məclis tərəfindən hesabatın nəzərə alınması təklifinə qoşuluram və hörmətli həmkarlarımı müəyyən müzakirədən sonra məhz bu qərarın qəbul edilməsinə səs verməyə çağırıram.
Öncə qeyd etmək istəyirəm ki, bələdiyyələr demokratik bir orqan kimi cəmiyyətdə artıq öz təsdiqini tapmışdır. Ümumilikdə, söhbət yeni yaranan hər bir təsisatda müəyyən problemlərin ortaya çıxmasından, qanunların uzlaşmasından, təkmil varianta salınana qədər müəyyən qüsurların olmasından gedir. Mən də hesab edirəm ki, bələdiyyə bu gün Azərbaycanda demokratik bir qurum kimi formalaşır, yeni özünüidarəetmə orqanı kimi fəaliyyət göstərir. Amma fəaliyyət zamanı, bir məsəl var, harada iş görülürsə, təbii ki, orada qüsurlar da olmalıdır. Hesabatdan göründüyü kimi, gələcəkdə Ədliyyə  Nazirliyinin nəzarəti altında bu qüsurlar aradan qaldırılacaqdır. Təbii ki, hansı bələdiyyə üzvləri və onların rəhbərləri Azərbaycan qanunvericiliyinə zidd addımlar atırlarsa, onlar qanunvericilik qarşısında cavab verəcəklər. Xüsusilə mən qeyd etmək istəyirəm ki, bu, bələdiyyənin mülkiyyətinə verilmiş torpaqların satılması ilə əlaqədardır.
Hamımıza məlumdur ki, ikinci çağırışda biz bələdiyyələrlə bağlı kifayət qədər qanun qəbul etmişik. Bu qanunlardan biri də “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanundur ki, möhtərəm Prezidentimiz bu Qanunu imzalayan zaman həmin torpaqlardan istifadə haqqında Əsasnamə də imzalayıbdır. Əsasnamənin müəyyən bəndlərində, xüsusilə 7-ci bəndində göstərilir ki, bələdiyyə torpağın istifadəçisi kimi kiməsə torpağı istifadəyə verəndə müvafiq icra hakimiyyəti orqanından, yaxud tikinti aparılan zaman Bakı şəhərinin Baş Arxitektura İdarəsindən rəy almalıdır. Bunların heç biri olmadan bələdiyyə qurumu müstəqil torpaq sərəncamçısı deyil. Bakı üzrə 12 zona əmsalında yerləşən torpağın mülkiyyətçisi Bakı Şəhər İcra Hakimiyyətidir. Qeyd etdiyim qanunlar üzrə onun sərəncamı, rəyi olmadan heç bir bələdiyyə torpağı özəlləşdirib sata bilməz. Əgər müvafiq qaydada razılaşma əldə olunursa, bələdiyyə müvafiq icra hakimiyyəti orqanına müraciət edir, ondan rəy alandan sonra mülkiyyətində olan torpağı ya fiziki, hüquqi şəxsə istifadəyə verir, yəni satır və yaxud da torpağın digər iki növündən istifadə edərək öz mülkiyyətində olan torpağı istifadəyə verir. Yığdığı vergilər və rüsum nəticəsində özünüidarəetmə qurumu kimi bu sahənin inkişafına və bu sahədə yaşayan insanlara xidmət etməlidir. Bələdiyyənin işi üzdə olmalıdır, görünməlidir.
Bu baxımdan yeni təsisat olaraq, bələdiyyələrin yaxın 5-6 ildə gördükləri işləri mən məqbul hesab edirəm. Bununla yanaşı, iki təkliflə çıxış etmək istəyirəm. Burada hörmətli Vilayət müəllimin çıxışının sonuncu bəndində yazılmışdır... Bir balaca redaktə etməklə təklif edirəm ki, yaxın gələcəkdə Bələdiyyələrlə İş Mərkəzinin yerlərdə yox, regionlarda yerli şöbələri yaradılsın. Çünki respublikamızda bələdiyyələrin sayı çoxdur, mərkəzin əməkdaşlarının sayı isə azdır. Düşünürəm ki, əhatəli iş görüləcək ki, bu sahədə xidmət artsın.
İkinci bir təklifimlə bağlı məsələni çox hörmətli Arif müəllim çıxışında qeyd etdi. Bələdiyyə sədrinin və onun müavininin, ümumiyyətlə, bu quruma nəzarət edən Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşlarının əmək haqqı aşağıdır. Mən hesab edirəm ki, bələdiyyə sahəsində, ümumiyyətlə, yeni təsisat sahəsində çalışan insanlara dövlət sosial qayğını artırmalıdır. Belə olan halda müəyyən neqativ hallar aradan götürüləcək və bu qurum sürətlə inkişaf edəcəkdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Demokratik cəmiyyət quruluşunun ən vacib elementlərindən biri də özünüidarəetmədir. Əgər siz cəmiyyət proseslərinə diqqət yetirsəniz, görərsiniz ki, Avropada, dünyanın bir sıra inkişaf etmiş dövlətlərində idarəetmənin inzibati amirlik metodundan, avtoritar elementlərindən daha çox demokratik və özünüidarəetmə metodlarına üstünlük verilir və bu istiqamətdə ardıcıl iş aparılır.
Siyasətdə yeni bir xətt əmələ gəlib ki, bunun da adına “libertalizm” deyirlər. Libertalizm cəmiyyətin idarəetmədə fəal iştirak etməsidir. Məncə, 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızın keçid müddəalarında belə məsələlər qoyulmuşdur və sonradan biz bunun hüquqi bazasını yaratdıq. Son on il ərzində biz bələdiyyə ilə bağlı parlamentdə əlliyə yaxın qanun hazırladıq və onlar bələdiyyə institutunun formalaşmasında bu gün çox önəmli rol oynayırlar.
Əlbəttə, açıq etiraf eləmək lazımdır ki, bu qurum, bu institut Azərbaycan üçün yeni idi və bunun nə demək olduğunu heç bələdiyyə sədrləri özləri də bilmirdilər. Bələdiyyə sisteminin yaranmasında ilk anda bir sıra eybəcər elementlər əmələ gəlmişdir. Bayaq burada deyildiyi kimi, ikihakimiyyətlilik və bələdiyyənin icra strukturunun bir-biri ilə öcəşməsi bu məsələlərə mane olurdu. İkinci seçkidə bu məsələlər bir az çözüldü, yeniləşdi və seçicilər də bu adamların nə ilə məşğul olacaqlarını özləri üçün təxminən aydınlaşdırdılar və beləliklə, bu qurum qismən yaxşı keyfiyyət tərkibi ilə formalaşdı. Amma ən böyük dönüş ondan ibarətdir ki, Ədliyyə Nazirliyində mərkəz yarandı, Ədliyyə Nazirliyində xüsusi metodoloji kabinet yarandı və bu, Ədliyyə Nazirliyinin bilavasitə nəzarətinə keçdi və bu qurumla ardıcıl iş aparılmağa başlandı.
Mən qeyd eləmək istəyirəm ki, televiziya verilişləri, mətbuatda gedən ardıcıl yazılar, Ədliyyə Nazirliyinin təşkil etdiyi seminarlar, regionlarda keçirilən seminarlar bu qurumun işçiləri üçün çox önəmli rol oynadı. Mən Sosial siyasət daimi komissiyasının sədri kimi, buradakı qadınların bayramının təbrikinə qoşuluram. Onları ürəkdən təbrik edirəm. Amma qeyd eləmək istəyirəm ki, çox təəssüf, bu gün 45 minə yaxın bələdiyyə üzvünün heç bir faizini qadınlar təşkil etmirlər. Bu da bizi düşündürməlidir. Seçkilərdə ya qadınların fəallığı artmalıdır, ya da biz onlara dəstək verməli, kömək eləməliyik ki, bələdiyyələrə seçilən qadınların sayı, faizi artsın. Çünki cəmiyyətin böyük hissəsini, demək olar ki, yarısını qadınlar təşkil eləyirlər. Mərkəzdə peşəkarlar yığılıbdır, metodoloji mərkəzdə tanınmış hüquqşünaslar fəaliyyət göstərirlər, eyni zamanda, beynəlxalq əməkdaşlıq da geniş vüsət alıbdır.
Mən burada bir məsələyə diqqət yetirmək istəyirəm. Biz nəzarət haqqında danışırıq, amma əlaqələndirmədən danışmırıq. Mən sevinirəm ki, son vaxtlar Prezidentin İcra Aparatında bizim hörmətli Zeynal Nağdəliyev Ərazi idarəetmə orqanları ilə iş şöbəsinə müdir gələndən sonra regionlarda bələdiyyə sisteminin formalaşması istiqamətində mühüm işlər görülür, icra strukturlarının təhlil məsələləri, elmi axtarışlar, kompüter texnologiyaları burada geniş vüsət alıb. Tənqidlərin ümumiləşdirilməsi necə gedir? Burada aydın məsələdir ki, seçicilər qarşısında hesabat verilmir. Deyilən tənqidlərə əlavələr eləmək istəyirəm. Ən vacib məsələ nədir? Hətta rayonun özündə belə əlaqələndirmə yoxdur. Bələdiyyə mülkiyyəti bu gün də formalaşmayıb. Biz bələdiyyələrin imkanlarından danışırıq. Bələdiyyənin mülkiyyəti yoxdursa, imkanı ola bilərmi? Xaricdə yaşayan adamların vəsaiti toplanmalıdır. Bizim bu gün həmkarımız danışdı. Çox yaxşı işdir ki, bu sahədə iş gedir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasında kadr hazırlığına diqqət yetirmək olar. Çünki orada böyük potensial var. Bu seminarlar orada da keçirilə bilər.
Burada çox düzgün səsləndi ki, bələdiyyələr bəzən infrastruktur yaranmasına fikir vermir, kanalizasiya, su xətti, digər məsələlərə fikir vermir, özbaşına fəaliyyət göstərirlər. Bəzi hallarda icra hakimiyyəti ilə əlaqəsiz fəaliyyət göstərir, bəzən də icra hakimiyyətinin şöbəsinə çevrilirlər. Bütövlükdə mən bu məruzəni məqbul hesab edirəm. Gələcəkdə bizim apardığımız bütün siyasət ona yönəlməlidir ki, biz bələdiyyələrin işinə nəzarət eləməklə yanaşı, onların işinin nizamlanması üçün, onların möhkəmlənməsi üçün addımlar atmalıyıq. Bizim həmin qurumlar bu sahədə ardıcıl iş aparmalıdırlar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Məlahət xanımın adı tabloda pozuldu. Bu gün bayramdır. Birinci ona söz verək. Buyurun.
M. Həsənova. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlarım, hörmətli qonaqlar! Mən də bu gün bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı təqdim olunan hesabata səs verəcəyəm və bunu məqbul hesab etmək olar.
Biz Azərbaycanda yeni qurum olan bələdiyyələrin işini Avropanın inkişaf etmiş ölkələri ilə, eləcə də qonşu Türkiyənin bələdiyyə sistemi ilə müqayisə edə bilmərik. Artıq ikinci dəfə seçilən bələdiyyələrin işində xeyli müsbət dəyişikliklər var. Təbii ki, Azərbaycan özü də müstəqil dövlət kimi gəncdir. Dövlətimiz inkişaf etdikcə, bələdiyyələr də günü-gündən inkişaf edirlər. Mən hesab edirəm ki, burada qeyd olunduğu kimi, müasir Azərbaycanın memarı və yaradıcısı Heydər Əliyev hesab olunursa, elə bələdiyyə qurumunun da demokratik təsisat kimi yaradılmasında, inkişaf etməsində dahi rəhbərin böyük xidməti var. Əgər bələdiyyələr ümummilli liderimizin xeyir-duası ilə yaranmışsa, sınaq dövründən uğurla keçəcəkdir. Lakin mənim də bələdiyyələrlə bağlı bir neçə tənqidi fikirlərim var. Mən də seçildiyim Şəmkir rayonundan gələn müraciətləri təhlil eləmişəm və sizə bildirmək istəyirəm ki, şikayətlərin əksəriyyəti bələdiyyələrdəndir. Bələdiyyələr səlahiyyətləri çərçivəsində bələdiyyə torpaqlarının satılması ilə, əhaliyə verilməsi ilə məşğul olmalıdırlar. Lakin son illər gələn müraciətlərin əksəriyyətindən görünür ki, bələdiyyələr satdıqları torpaqların heç ağına-bozuna baxmırlar. Mən Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndindən məktub almışam. Hətta orada şəhidin büstünün qoyulduğu torpağın ətraflarını da satıblar.
Mən Azərbaycanın ayrı-ayrı rayonlarında bələdiyyələrin problemlərindən danışmaq istəmirəm. Hamıya aydındır ki, bu gün bələdiyyələri nə qədər istəyirsinizsə, tənqid etmək olar. Bu gün məktəbli də bilir ki, bələdiyyələr icra hakimiyyətlərinin bir şöbəsidir, bir qurumudur. Bu gün bələdiyyələri biz nə qədər tənqid eləyiriksə də, həmin tənqidin bəlkə də 50 faizdən çoxu icra hakimiyyətlərinin ünvanına deyilməlidir. Xüsusilə Bakıda bələdiyyələrin işi hədsiz dərəcədə çətin və ağırdır. Təbii ki, həm Bakı rayonlarının icra hakimiyyətlərinin təsiri altında, həm də Bakı Şəhər İcra Hakimiyyətinin təsiri atında olan bələdiyyələrin fəaliyyətlərində istənilən qədər nöqsan tapmaq olar.
Ümumiyyətlə, mənim bir sualım var. Çox da çıxış etmək istəmirəm, çünki burada çox təkliflər, çox tənqidlər deyildi. Mənim bir sualım var. Dünyanın bütün ölkələrində, xüsusən inkişaf etmiş ölkələrdə, hətta Amerika Birləşmiş Ştatlarında, ən böyük şəhərlərdə, paytaxt şəhərlərdə torpaqların verilməsi müəyyən limit çərçivəsində olur. Məndə Qaradağ da daxil olmaqla, Bakının kənd rayonlarından bir neçə məktub var. Burada torpaqlar hektarlarla satılır. Bu gün onsuz da hamıya aydındır, sirr deyil ki, Bakıda əhalinin sayı artır. Bakıda urbanizasiya dünyanın digər ölkələrindən də sürətlə inkişaf edir. Artıq Bakının əhalisi rəsmi statistikaya görə 3 milyonu da ötmüşdür. Lakin bu da hamıya məlumdur ki, Bakının ətraf rayonlarında hektarlarla satılan torpaq sahələri bir qrup insanın əlindədir. Gələcəkdə Bakıda şəhərsalma necə olacaq? Bu çox maraqlıdır. Artıq belə bir praktika var. Hətta Vaşınqtonda, Parisdə, Berlində, Türkiyənin özündə, İstanbulda, Ankarada, İzmirdə bir-iki ardan (sotdan) artıq torpaq verilmir. Bunu nə qədər gözləmək olar? Bundan ötrü nə etmək lazımdır? Hansı qanunu qəbul etmək lazımdır ki, Bakıda da bu, təsbit olunsun. Təqdim olunmuş hesabatı mən də məqbul sayıram və həmkarlarımı da səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İlham Məmmədov.
İ. Məmmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Bələdiyyələr haqqında istər məruzədə, istərsə də çıxışlarda ətraflı danışdılar. Mən danışmaq istəmirdim, ancaq çıxışlardakı və məruzədəki müəyyən müddəaları görəndən sonra qərara gəldim ki, çıxış eləyim. Mən iki seçki bələdiyyə üzvü olmuşam. Burada hamı danışır ki, bələdiyyə torpaqları satır, bələdiyyə belə eləyir... Bu da ondan irəli gəlir ki, həmin adamların bələdiyyə torpağının satışı haqqında qanundan xəbəri yoxdur. Bələdiyyə kimdir ki, torpaq sata? Bələdiyyənin barmaqlarını yox, qolunu kəsərlər. Torpaq satışı uzun bir prosesdir. Bələdiyyə ancaq qərar verir, protokol verir. Rayon torpaq şöbəsi ona arayış verir, xəritəsi çəkilir və xəritə çəkiləndən sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ona alğı-satqı arayışı yazır. Alğı-satqı arayışından sonra torpaq satılır. Görün, nə qədər prosesdən keçir. Bələdiyyə sədri kimdir ki, torpaq sata?
Bu gün məruzədə də qeyd olundu ki, bələdiyyələr saxtakarlıq eləyir, dövlətin ayırdığı dotasiyanı düzgün, təyinatı üzrə xərcləmirlər. Hansı təyinatı? Hansı dotasiyanı? Heç o dotasiya bələdiyyəyə gəlib çatırmı? Dotasiya artıq bankda bölünür. Bələdiyyə sədrlərinin əksəriyyətinə dotasiyanın kağızı gəlib çatır. Bu gün bələdiyyələrin çoxunun fondunda torpağı qalmayıb. Onun hamısı müəyyən dövlət məmurlarının səhvləri nəticəsində alınaraq, pay torpaqlarına verilib, qaçqınlara paylanıb. Ona görə də bələdiyyələri bu qədər tənqid eləməyə ehtiyac yoxdur. Dotasiya necə paylanır? Niyə protokollarda saxtakarlıq olunur? 1999-cu ildən millət vəkili seçilənə qədər bələdiyyə üzvü olmuşam. Özü də böyük bir bələdiyyənin üzvü olmuşam. Pul çıxarılır, ayrı-ayrı icra hakimiyyətlərinin sərəncamı ilə ayrı-ayrı yerlərə bölünür və sənəd bələdiyyənin sədrinə gəlir. Bələdiyyə sədri nə eləməlidir? Bələdiyyə sədri məcbur olur, saxta protokol yazır. Protokol sədrin əlində qalır. Bələdiyyə üzvlərinin bir qismi müxalifətçidir, ona qol çəkmir. Ona görə də protokolu gizli yazmalı olur. Yazır ki, yollara çınqıl daşındı, su arxları təmizləndi, torpaq daşındı və s. Burada da saxtakarlıq yaranır.
Mən Ədliyyə Nazirliyinin hesabatına da baxdım. Ədliyyə Nazirliyinin hesabatını əslində belə qiymətləndirmək olar ki, heç Ədliyyə Nazirliyinin özündə bələdiyyə işindən o qədər də başı çıxan adamlar yoxdur. Çıxış eləyən yoldaşlar da bələdiyyənin işinə can yandırmalıdırlar. Bilməlidirlər ki, bələdiyyələrdə nə baş verir. Deyirlər ki, bələdiyyələr torpaq satır... Torpağı vətəndaşın əlindən alır. Bu qeyri-mümkündür. Əgər vətəndaşa torpaq verilibsə, onun şəhadətnaməsi olur. Bu şəhadətnaməni heç kimin pozmağa ixtiyarı yoxdur. Heç məhkəmə də onu poza bilməz. Məhkəmələr bu gün bələdiyyələrin başına hansı oyunları açır?
Biri şikayət verir. Məhkəmə onu süründürür, süründürür, bələdiyyənin sədrini bir tərəfə istiqamətləndirir, onu başqa tərəfə istiqamətləndirir. Beləliklə, bələdiyyələrdə bu cür neqativ hallar baş verir. Bunun da hamısı bələdiyyələrin müəyyən dövlət orqanlarından asılılığından irəli gəlir. Ona görə də bələdiyyələrə, nə qədər mümkündürsə, müstəqillik vermək lazımdır. Bu gün bələdiyyənin işini bir qədər asanlaşdırmaq lazımdır. Şəhər bələdiyyələrində deyə bilmərəm, Beyləqan rayonundan seçilmiş bir deputat kimi deyirəm, elə bələdiyyələr var ki, bu saat onun hesabında bir ar (sot) da olsun torpağı yoxdur. Haradan sata biləcək? Nəyi satır? Bu gün kənd var ki, onun bələdiyyəsi var, amma torpaq ayrılmayıb. O nəyi satacaq? O torpaqlar satılır ki, dövlət fonduna daxildir. Bəli, onda dövlətin ixtiyarı var, torpaq şöbəsinin də ixtiyarı var, məhkəmənin də ixtiyarı var ki, əgər o, təyinatı üzrə istifadə olunmursa, onu müəyyən müddətdən sonra, bir ildən sonra icarəsi ödənilmirsə, geri qaytarsın. Qaldı qiymət arayışı. Heç bir bələdiyyə torpağa özbaşına qiymət qoya bilmir. Qiyməti Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qoyur. Qiymət arayışı yazır, qiyməti həmin arayışın üstünə yazır, vətəndaşa göndərir, vətəndaş pulunu banka ödəyir, ondan sonra torpağın yiyəsi olur. Yəni bələdiyyələri bu qədər tənqid eləmək doğru deyil. Aydın məsələdir ki, bələdiyyələr təzədir, anlaşılmazlıqlar da olur, təcrübəsiz insanlar da var. Ancaq bunun hamısını bələdiyyələrə şamil eləmək olmaz.
Bir millət vəkili kimi, mənim fikrim ondan ibarətdir ki, bələdiyyələrə bir qədər müstəqillik vermək lazımdır. O vaxt yerlərdə bələdiyyə şuraları yarandı. Ora da yerli icra orqanlarının rəhbərləri öz adamlarını qoyurlar ki, bələdiyyə sədrlərinin nə iş gördüklərini öyrənsinlər. Bunlar da bələdiyyələrə mane olmaqdan başqa heç bir nəticə vermir. Ona görə də mən millət vəkillərindən çox xahiş eləyərdim ki, bələdiyyələrin işini bir qədər təkmilləşdirmək üçün bunlara sərbəstlik verilsin. Mən də bu məruzəyə müsbət cavab verəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Müzakirə olunan məsələ ilə bağlı hər iki məruzəçi - həm Vilayət müəllim, həm də Arif müəllim ətraflı məlumat verdilər, bəzi məqamları Milli Məclisin deputatlarının nəzərinə çatdırdılar. Mən də bu məruzənin səsə qoyulub, qəbul olunmasına tərəfdaram. Bununla yanaşı, bir neçə məsələyə öz münasibətimi bildirmək istəyirəm.
Bələdiyyələr elə bir qurumdur ki, Azərbaycan Konstitusiyasında təsbit olunub və ona səlahiyyətlər verilib. Bundan əlavə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təxminən 20-dən artıq qanun qəbul olunub, bələdiyyənin fəaliyyəti, onun statusu, torpaqlardan istifadə qaydası, mülkiyyəti və sairə haqqında qanunlar qəbul olunubdur. Bu gün qanunvericilik baxımından Azərbaycan bələdiyyələrinə verilən səlahiyyətlər, tənzimləmə prosesi Avropa səviyyəsində ən yüksək nöqtədə duran bir prosesdir. O cümlədən cənab Prezidentin fərmanı ilə təsbit olunan digər məqamlar. Bununla yanaşı, qanunla təsbit olunan məsələlərin yerinə yetirilməməsi, o cümlədən hər hansı bir neqativ halların baş verməsi prosesi məruzənin özündə də əksini tapdı.
Bələdiyyələr müstəqil qurumdur və bizə təqdim olunan məruzədə bu, qeyd olunub. Gələcəkdə həmin quruma biz müvafiq bir ad seçməliyik. Ədliyyə Nazirliyinin tərkibində olan bu qurum bələdiyyələrə metodik tövsiyələr, qanunların düzgün istifadə olunması, çıxardıqları qərarların qanuna uyğun olunması nöqteyi-nəzərindən bir tövsiyəedici orqan olmalıdır. Çünki bələdiyyənin yuxarı qurumu yoxdur və yaxud dünyanın heç bir dövlətində belə bir struktur yoxdur. Ona görə də ad baxımından bu məsələyə baxılmalıdır. Qanuna zidd olmayan bir ad seçilməlidir ki, bunun nəticəsində də bu prosesi biz həyata keçirə bilək.
İkincisi, bələdiyyələrin icra hakimiyyəti ilə münasibətlərilə bağlı burada xeyli fikir söyləndi. Bu gün bələdiyyələr yeni qurumdur, tədricən təkmilləşir, formalaşır. Təbii, buna uzun illər vaxt tələb olunacaq ki, bələdiyyələr tam mərhələyə gəlsin. Bundan da istifadə eləyən bəzi qurumlar bələdiyyələrə verilmiş səlahiyyətlərin mənimsənilməsi ilə məşğuldur və yaxud onlardan öz seçiciləri qarşısında yox, ayrı-ayrı qurumlar qarşısında hesabat verməsini tələb edirlər. Məncə, bu məsələyə də biz diqqət yetirməliyik və çalışmalıyıq ki, əgər bu struktur təsbit olunubsa, niyə ayrı-ayrı qurumlar, beynəlxalq təşkilatlar gündə bizimlə dava eləsinlər ki, bələdiyyələrə səlahiyyət verin. Tədricən bu məsələlər həll olunmalıdır. Prezident tərəfindən həmin səlahiyyətlər verilib, parlament tərəfindən qanun qəbul olunub. Lakin görürsən ki, rayonda bir icra başçı bu səlahiyyətləri mənimsəyir. Deyir ki, hamısı mənim səlahiyyətimə aiddir və ya bələdiyyənin mahiyyətini başa düşmədən onu da icra hakimiyyətinin bir strukturu hesab eləyir. Bəziləri hətta sərəncam verib, bələdiyyələrin səlahiyyətlərini alır. Yəni qanunvericiliyə uyğun olmayan addımlar atılır. Bələdiyyələrə verilən səlahiyyətlərdən düzgün istifadə olunmalıdır. Bələdiyyələr də bundan düzgün istifadə eləməlidir.
Bələdiyyələrə göstərilən yardımlar burada qeyd olundu. Bələdiyyənin fəaliyyətinin təkmilləşdirilməsi üçün dövlət büdcəsindən yardım göstərilir. Amma görürsən ki, biri maşın alır, biri kabinetini təmir eləyir. Ona görə də bu məsələlərə diqqət yetirilməlidir. Bələdiyyə torpaqlarının icarəyə verilməsindən xeyli gəlir götürüb, yeni iş yerləri açmaq olar. Lakin bu gün kim bələdiyyə sədri seçilirsə, deyir ki, dərhal ərazidə olan bütün torpaqları satım, qurtarım, dağıdım. Bəlkə sonrakı beş ildə mən seçilməyəcəyəm, başqa icra başçısı gələcək, ola bilər, münasibətlərimiz düz gətirməyəcək. Ona görə də bu məsələlərə diqqət yetirməliyik. Bu mülkiyyət təkcə orada yaşayan insanların deyil, həm də gələcək nəsillərindir. Bir gün torpaq məsələsini həll elədin, beş ildən, on ildən sonra yeni nəsillər yetişir. Bu torpaq həmin yeni nəsillərə də aiddir, təkcə bir insana aid deyil. Bu da nəzərdə tutulmalıdır. Elə torpaqlar var ki, onun satılması qeyri-mümkün olmalıdır. Dünyanın bir çox ölkələrinin təcrübəsində var ki, əlli il, otuz il, qırx il həmin torpaqları satmırlar, saxlayırlar. Qırx ildən sonra hansısa bir şəxsə mülkiyyətə və yaxud da xüsusi mülkiyyətə verilə bilər. Ona görə də biz bunu nəzərə almalıyıq.
Burada qeyd olundu ki, bəzi qlobal layihələrin qarşısını almaqdan ötrü binalar tikilib. Tamamilə doğrudur. Mən hesab edirəm ki, dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da hansı torpaq mülkiyyətə verilməlidirsə, onun konkret qiyməti müəyyənləşməlidir, elan olunmalıdır. Kim istəyirsə, getsin, alsın, bunun pulu da dövlətin büdcəsinə getsin. Beləliklə, şəffaflığı təmin eləyə bilərik. Həmin torpaq ayrılır, onun da statusu ayrı-ayrı şəxslərə verilir, oradan gələn xeyir də, gəlir də başqa-başqa adamların cibinə gedir. Korrupsiya şəklində, rüşvət şəklində, başqa formada. Bunun düzgün yolunu təmin eləmək üçün, insanların şəraitini yaxşılaşdırmaq üçün elan olunmalıdır ki, filan ərazidə filan torpağın qiyməti budur. Kim istəyirsə, həmin torpaqdan alsın. Beləliklə, vətəndaşın da canı qurtarar. Başa düşər ki, buna gücü çatır, ya çatmır. İkincisi, digər adamların - vəzifədə çalışan adamların da canı qurtara bilər. İcra başçısına minlərlə müraciət olunur ki, mənə torpaq ver. Ayrılmalıdır, bundan da dövlət xeyir götürə bilər. Bələdiyyələrin ərazisində olan sosial obyektlərin inkişafı üçün xeyir götürə bilər. Yoxsa bunun axırı olmayacaq. Yeni gələn köhnənin aktlarını ləğv eləyəcək. Bəs mülkiyyətin təminatı, mülkiyyət hüququ?
Biz vətəndaşlara mülkiyyət hüququ vermişik. Vətəndaşlar mülkiyyət hüququ əsasında çalışırlar. Biri gəlir ki, sərəncam səhvdir. Sərəncam verən qıraqda qalır, düşürlər vətəndaşın tikilisinin üstünə... Çəkdiyi xərc havayı gedir. Bu ola bilməz. Biz hüquqi dövlət qururuq və vətəndaşın mülkiyyətinə dövlət təminat verir. Ona görə də həmin Qanun elə olmalıdır ki, əgər sərəncam veribsə, həmin adam məsuliyyətə cəlb olunmalıdır, barəsində cinayət işi qaldırılmalıdır, digərinə də dərs olmalıdır. Sərəncam verən pulunu yığıb gedir. Növbəti adam da gəlir, onun sərəncamlarını ləğv eləyir, ziyanı da Azərbaycan vətəndaşı çəkir. Ona görə də mən hesab edirəm ki, bu məsələyə ciddi şəkildə baxmalıyıq və mən tövsiyə olunan məruzəni qənaətbəxş hesab edirəm. Səsə qoyub, qəbul eləyə bilərik.
Sədrlik edən. Sağ olun. Təkid eləyənlər varmı? Fəzail Ağamalı.
F. Ağamalı. Əslində, hörmətli millət vəkilləri, mən o fikirlə şərikəm ki, artıq hər şey deyildi, yetərincə müzakirə olundu. Təkrar olmasın deyə, səsə qoymaq mümkündür. Lakin bir halda ki, hörmətli cənab Sədr, mənə söz vermisiniz, mən də müəyyən məqamların üzərində dayanmaq istərdim.
Ümumiyyətlə, bu gün bələdiyyələrin üzərinə kölgə salmağın tərəfdarı deyiləm. Unutmaq olmaz ki, bələdiyyələr 1999-cu ildən formalaşmağa başlayıb. Bir institut kimi, bunun altı ilə yaxın ömrü var, hələ ilk addımlarını atır və ilk addımlar da kifayət qədər kövrəkdir. Bu addımların üzərinə indidən kölgə salmaq və onları ittiham obyektinə çevirmək, mənə elə gəlir ki, ədalətdən xeyli uzaqdır. Ona görə də bələdiyyələrin ünvanına söylənən fikirlərin tamamilə əksini deyirəm. Gəlin, bu gün bələdiyyələrə sərbəstlik verək. Mən onların bəzi hüquqlarını sadalayacağam... Sonra onlardan bu işləri tələb eləyək. Bu gün bələdiyyələrin tam mənada mülkiyyət üzərində sərbəstlik hüququ varmı? Həmin mülkiyyətdən tam sərbəst, qanunda yol verilən imkan daxilində hərəkət etmək imkanına malikdirmi? Gəlin, görək, onların səlahiyyət hüquqları hansı səviyyədədir? Onun maliyyə hüquqları hansı səviyyədədir? Baxmayaraq ki, bunlar Qanunda ifadəsini tapıb. Lakin icra başçıları reklam məsələsini tamamilə ələ alıb, ya başqa maliyyə qaynaqlarını ələ alıb. Əslində, bu gün bələdiyyələrin maliyyə qaynaqları qanunda təsbit olunub. Lakin maliyyə qaynaqları həmin bələdiyyələrə bir manat da pul gətirmir. Digər tərəfdən, bələdiyyələrin birləşmək, ayrılmaq, müstəqil şəkildə işini qurmaq səlahiyyəti var. Bələdiyyələrin beynəlxalq qurumlarla əlaqələri hansı səviyyədədir? Onların buna imkanları çatırmı? Bunların üstünə ayrı-ayrı icra başçılarının özbaşınalıqlarını gələndə görürük ki, bələdiyyələri ittiham eləməyə heç bir ehtiyac yoxdur.
Mənə elə gəlir ki, hörmətli millət vəkilləri, bu gün təqdim edilmiş hesabatı qəbul etməliyik. Eyni zamanda, Bələdiyyələrlə İş Mərkəzindən xahiş etməliyik ki, onlar imkanları daxilində, hətta Ədliyyə Nazirliyi səviyyəsində məsələ qaldırıb, bələdiyyələrin Qanunla tətbiq olunmuş səlahiyyətlərinin icrasını təmin etsinlər, onların pozulan hüquqlarının müdafiəsinə daha çox qalxsınlar. Beləliklə, bələdiyyələrin fəaliyyəti güclənsin və bir qurum kimi formalaşsın. Sonda bir daha əvvəlki fikrimə qayıdıram, hesabatı müsbət dəyərləndirirəm və millət vəkillərini buna səs verməyə dəvət edirəm.
Sədrlik edən. Çox sağ olun. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Hörmətli millət vəkilləri, əlbəttə, mən də bu gün Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında Ədliyyə Nazirliyinin təqdim elədiyi hesabatı müsbət qiymətləndirirəm, həmkarlarımı bu qərara səs verməyə çağırıram. Məsələ burasındadır ki, Ədliyyə Nazirliyinin tərkibində olan bu qurumun elə böyük səlahiyyətləri yoxdur. Bunlar da təzyiq göstərə bilmirlər ki, siz bu işi eləməmisiniz. Çünki onların da əlində elə böyük səlahiyyətlər yoxdur ki, bələdiyyələrin işinə qarışsınlar və ya onların işinə müdaxilə eləsinlər. Bələdiyyələr yaranan gündən bələdiyyələrlə işləmişəm və hesab edirəm ki, bu gün bələdiyyənin ən böyük problemi bələdiyyələrin üzvlərinin qanunları bilməməsindən, savadsızlığından irəli gəlir. Mən bunun şahidi olmuşam. Kəndlərdə bələdiyyələr 9-10 nəfər səs çoxluğu ilə seçilib. Hansı bələdiyyə üzvünə torpaq verilməyibsə, bir aydan sonra bələdiyyə sədrini çək-çevir edirlər ki, dəyişək. Altı ay ərzində altı dəfə bələdiyyənin sədri dəyişib. Bu da bilirsiniz, işin müsbət həllinə yardım edə bilməyəcək. Ona görə də hesab edirəm ki, bələdiyyələrlə bağlı hansı qanunvericilik aktları qəbul olunubsa, bunlara yenidən baxılmalıdır, dəyişiklik edilməlidir.
Bizim həmkarların bəziləri deyir ki, yerli icra hakimiyyəti orqanları bələdiyyələrin işinə qarışmırlar. Bələdiyyələr özləri məcbur eləyir ki, onların işinə qarışsınlar. Burada yoldaşların çoxunun heç bələdiyyədən xəbəri yoxdur. Elə şeylər danışırlar ki... Qardaş, sənin bundan xəbərin yoxdursa, niyə bu məlumatı verirsən. Mən hesab edirəm ki, əlbəttə, bələdiyyələrin günahı çoxdur. Torpaqların satılmasından danışırsınız. Bəziləri deyir ki, bilirsiniz, bələdiyyələrdə nə qədər torpaq var. “Torpaq islahatı haqqında” Qanun 1996-cı il avqustun 2-də qəbul olunub. Torpaq islahatı gedərkən göstərilib ki, torpaqlar camaata paylanmalıdır, bələdiyyənin ehtiyat fondu saxlanılmalıdır, perspektiv inkişaf üçün torpaqlar saxlanılmalıdır. Məsələ burasındadır ki, hansısa kənddə bələdiyyənin torpağının olmamasına mən inanmıram. Qanun bunu nizamlayır. Bütün bu məsələlər Torpaq və Xəritəçəkmə Komitəsindən keçir. Ona görə də hesab edirəm ki, bütün kəndlərdə bələdiyyənin ehtiyat torpaqları var, eyni zamanda, perspektiv inkişaf torpaqları var.
Bəzi yoldaşlar burada düzgün qeyd elədi ki, bələdiyyəyə seçilənlər 5 il müddətində təcili istəyirlər ki, torpağı satsınlar, qanunlaşdırsınlar. Bəs növbəti seçilən bələdiyyə beş il nə ilə məşğul olacaq? Mən istərdim ki, bizim Ədliyyə Nazirliyinin qurumu getsin, baxsın, aydınlaşdırsın. Bilirsiniz, beş ildə perspektiv inkişaf torpaqlarını bütün kəndlərdə satıblar. Ancaq Qanunda göstərilir ki, bu torpaq kimə satılmalıdır? Hansı əsasla satılmalıdır? Fikirləşəndə ki, bələdiyyənin əlində torpaq var... Mən Bakı şəhəri haqqında danışmaq istəmirəm, çünki yoldaşların hamısı Bakı şəhərindən danışırlar. Mən isə kəndlər, regionlar haqqında danışmaq istəyirəm.
Bəzi yoldaşlar hesab edirlər ki, bələdiyyənin əlində hansısa kənddə min hektar, iki min hektar torpaq var. Xeyr. Kənddəki torpağın faizindən asılı olaraq, bələdiyyənin 5 faizə qədər torpaq payı ola bilər. Yararsız torpaqlar qala bilərlər. Məsələ burasındadır ki, bələdiyyənin ərazisində bir kənddə 30, 40, 50, ən böyük kənddə 100 hektar torpaq qala bilər. Burada elə fikirləşirlər ki, 1000-2000 hektar torpaq satılır. Xeyr, elə şey yoxdur. Siz fikirləşin ki, bələdiyyənin torpaqlarını satırlar. Hesabınızı götürün ki, perspektiv inkişaf torpağını bələdiyyənin sədri satır. Bəs növbəti dəfə nə olacaq?
Azərbaycan cəmiyyəti daim inkişaf edir, sosial-iqtisadi inkişaf sürətlənir. Bu baxımdan hesab edirəm ki, sonrakı bələdiyyələr torpağı kənd camaatına paylamamalıdırmı? Burada xüsusi qanun işlənməlidir ki, hər bir bələdiyyə yeni ailələrə sosial inkişaf üçün ayrılan torpaqları necə verməlidir? Beş il ərzində indiki bələdiyyənin sədri bütün torpağı satsa, onda 5 ildən, 20 ildən, 50 ildən sonra həmin kəndin inkişafı necə olacaq? Bunu kim fikirləşməlidir? Mən də bilirəm ki, bələdiyyələr torpaqları satırlar. Mən bunun şahidi olmuşam. Oqtay müəllim, ilk bələdiyyə seçkiləri 1999-cu il dekabr ayında olub, bir də 2004-cü ilin dekabr ayında olub. 2004-cü il seçkilərindən iki ay qabaq mənə böyük bir kənddən şikayət gəldi ki, bələdiyyənin sədri bütün kəndin torpaqlarını qohum-əqrəbasına satıb, 99 ilə icarəyə verib. Buna necə qarışmayasan? İcra hakimiyyətinin başçısı kimi, mən məcbur oldum, buna qarışım. Növbəti bələdiyyə nə ilə məşğul olacaq? Kəndin perspektiv inkişafı necə olacaq? Bilirsiniz, bunlar tənzimlənməlidir. Mən yerli bələdiyyələrdə də günah görmürəm. Bunlar tənzimlənməlidir və bələdiyyələrin maliyyə vəsaiti vergidən yığılmalıdır. Halbuki heç kəs vergi vermir. Bələdiyyə sədri nə eləməlidir? Ən böyük çətinlik ondadır. Vergiyə görə bütün kəndi məhkəməyə verə bilməz ki...
Eyni zamanda, bələdiyyə sədrlərinin özbaşınalığı olur. Görürsən, möhürü, ştampı cibinə qoyur, Amerikada, Rusiyada gəzir. Belə özbaşınalıqlar var. Bunu bilməliyik. Ən böyük çətinliklərdən birini, mən istəyirəm, millət vəkilləri də bilsinlər. Açığını deyim, elə adam xahiş edir ki, icazə ver, sizin rayonun bələdiyyəsini bizim audit yoxlasın. Belə şeyləri qurtarmaq lazımdır. Auditin də qaydası var, yoxlamanın da qaydası var. İldə bir dəfə, iki ildə bir dəfə getsin, yoxlasın. Ancaq buna Ədliyyə Nazirliyi nəzarət eləməlidir. Yoxsa kiminsə xahişidir, gəl, yoxla, görək, arxada nə olacaq? Bunların hamısını görmüşük. Mən çox demişəm ki, xeyr, sən gəlməyəcəksən, mən sənə gəlməyə icazə vermirəm. Hətta seçkilər ərəfəsində buna imkan verməmişəm. Ona görə də xahiş edirəm, bəzi məsələləri Arif müəllim də qeyd elədi. Bələdiyyələrin binalarla təmin olunması, onların yerlərlə təmin olunması və s. Bilirsiniz, 1999-cu ildə bələdiyyə yaranıb, bütün kəndlərdə yaranıb, elə kəndlər var ki, bələdiyyənin inzibati binası yoxdur. Yaxşı, rayon icra hakimiyyəti nə eləməlidir? Əgər orada inzibati bina yoxdursa, hər şeyi icra başçılarının üzərinə yıxmaq düz deyil. Yoldaşlar elə bilir ki, icra başçıları quldurdur, oğrudur. Düz fikirdə deyilsiniz, bu fikirlə razılaşmaq olmaz. Ola bilər, mən demirəm, icra başçısı bələdiyyə ilə gedir, dəyişiklik eləyir, amma bu şeyləri düzgün qiymətləndirmək lazımdır. İcra başçıları rayonun ictimai-siyasi həyatına məsuliyyət daşıyır. Ona görə yoldaşlar belə fikirləşməsinlər ki, icra başçıları yalnız torpaq satmaqla məşğuldur. Qanun var, Torpaq Komitəsi var, yerli torpaq şöbəsi var. Hamısı qanunlaşmalıdır, verilməlidir.
Mən hesab edirəm ki, bizim qanunlarda müəyyən dəyişikliklər olmalıdır. Eyni zamanda, Oqtay müəllim, bələdiyyə seçkiləri 1999-cu və 2004-cü ilin dekabr ayında keçirilib. Rayonların bəzilərində bələdiyyə seçkiləri baş tutmayıb. Üstündən 1 il 3 ay keçir. Biz Mərkəzi Seçki Komissiyasından xahiş eləməliyik ki, bu məsələyə ciddi yanaşsınlar. Həmin kəndlərdə, şəhərlərdə təzədən bələdiyyə seçkiləri keçirilsin. Mən hesab edirəm ki, Ədliyyə Nazirliyinin bu hesabatını müsbət qiymətləndirmək və ona səs vermək olar. Hər halda qanunvericilik aktlarına dəyişiklik edilsə, bələdiyyələrə Milli Məclisin də köməkliyi olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, bugünkü mövzumuz bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzədir. Yəni 2005-ci illə əlaqədar məruzədir. Keçən il aprel ayının 19-da biz 2004-cü ilin hesabatını dinlədik və təbii ki, gələn il biz 2006-nın hesabatını dinləyəcəyik. Amma nədənsə, bu mövzu ətrafında bəzi deputatlar çox emosional çıxış edirlər. Hər kəs deyilən nöqsanı başqa mövzulara yönəltmək istəyir. Bu da tamamilə təbiidir. Çünki bələdiyyələrin cəmi 7 yaşı var. 1999-cu ildə yaranıb və yeni yaranan bir qurum, yeni yaranan struktur, təbii ki, uzun müddət işləmədiyinə görə, uzun müddət fəaliyyətdə olmadığına görə onun özünəməxsus müəyyən çatışmayan cəhətləri və perspektiv planları olacaq. Ona görə də bu cür söhbətlərin deyilməsi tamamilə təbiidir.
Mən konkret məsələlərə toxunmaq istəyirəm. Çünki burada çox məsələlər deyildiyinə görə onlar haqqında danışmayacağam. Əvvəla, sizə məlumdur ki, Ədliyyə Nazirliyində Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi bu işə rəhbərlik edir. Onun da rəhbəri Mehdi Səlimzadə adlı çox ləyaqətli, çox qabiliyyətli bir insandır. Qısa müddətdə o böyük fəaliyyət göstərib və təbii ki, gələcəkdə öz fəaliyyətini davam elətdirəcəkdir. Burada görülən işlər əhalinin maariflənməsi, koordinator missiyasının həyata keçirilməsi, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadilələrinin genişləndirilməsi, elmi-nəzəri seminarların keçirilməsi və s. bağlıdır. Bu heç də özbaşına olmayıb, müəyyən işlər görülüb. Düzdür, bunların bir hissəsi məruzədə ətraflı şəkildə deyilmədi, ancaq bu bizim gözümüzün qarşısında olan məsələlərdir.
Konkret olaraq, burada nöqsanlar nədən ibarətdir? Mən onları camaatın nəzərinə çatdırıram. Yoxsa filan yerdə torpaq satdılar, filan yerdə qoymadılar, filankəs elədi və s. Mən bunu konkretləşdirib ümumiləşdirirəm. Birincisi, yerli büdcənin tərtib edilməsi, yaxud qanunvericiliyə zidd olaraq tərtib edilməsi. İkincisi, bələdiyyə sədrlərinin, yaxud kiminsə, bilmirəm, rayonda buna baxan, yaxud şəhərdə bu işi təşkil eləyən şəxsin, adətən, təkbaşına qərarlar qəbul etməsi. Üçüncüsü, bələdiyyənin seçicilər qarşısında hesabat vermək praktikasının sıfıra bərabər olması. Bələdiyyə sədrləri hesabat vermir, elə bil bələdiyyə bunun atasının idarəsidir. Nə istəyir, eləyir. Amma bunu seçiblər, bu seçkili orqandır. Bu cür tendensiya adamların bələdiyyə qurumlarına etimadsızlığına gətirib çıxara bilər. Ona görə də deməliyik ki, bələdiyyə torpaqları çox zaman təyinatına uyğun olmayan məqsədlər üçün və bələdiyyə sədrlərinin, yaxud icra başçılarının, yaxud əlaqədar şəxsin təkbaşına qərarları əsasında satılır.
Onu da təəssüflə qeyd etmək istərdim ki, yerli bələdiyyələrdə kollegiallıq yoxdur. Onun bürosu, onun kollegiyası bunu həll eləməlidir və ümumilikdə hamı səs verməlidir, sonra qərar qəbul edilməlidir. Xarici ölkələrin təcrübəsindən də çox istifadə etməliyik. Təəssüf ki, zəif istifadə edirik. Müqayisə üçün qeyd etmək istərdim ki, Türkiyədə insanlar bələdiyyələrin yardımını sosial həyatlarında addımbaşı görürlər, bələdiyyə məktəbləri yaradılır, bələdiyyə xəstəxanaları yaradılır, bələdiyyə uşaq evləri və bələdiyyələr tərəfindən təşkil olunmuş çeşidli xidmət növləri həyata keçirilir. Bunlar bizdə yoxdur.
Məruzədən də göründüyü kimi, Ədliyyə Nazirliyinin nəzdindəki mərkəz xeyli iş görüb və görür. Lakin həmin məruzədə ölkəmizdəki 2735 bələdiyyə qurumundan nümunəvi işi ilə seçilən bircə bələdiyyənin də adı çəkilmədi, həmin təcrübənin yayılmasından danışılmadı. Belə bir nümunə yoxdursa, əlbəttə, bu çox pisdir. Varsa, təcrübənin yayılmaması da yaxşı əlamət deyildi. Yekun olaraq, həmin mərkəzə təklif edirəm ki, cari ildə vətəndaşların bələdiyyələrin fəaliyyəti barədə məlumatlandırılması istiqamətində daha səmərəli işlər görsün. Möhtərəm Prezidentimizin göstərdiyi kimi, bu, bələdiyyələrdə məsuliyyət hissini artırmaqla bərabər, onların işində şəffaflığa da təminat yarada bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təkid eləyən yoxdur ki? Çıxış yox, təklif. Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri, mən təklif edirəm ki, Mərkəzi Seçki Komissiyası bu barədə öz fikrini söyləsin ki, bizdə 1 milyona yaxın qaçqın konstitusion hüquqlarından istifadə edib, bələdiyyə seçkilərində iştirak etmir. Bu barədə bütün beynəlxalq qurumlara öz təkliflərini irəli sürsünlər. Çox sağ olun.
Sədrlik edən. Təklif var? Pənah Hüseyn.
P. Hüseyn. Təklifim ondan ibarətdir ki, bunun kökü həmin bələdiyyələrin əksəriyyətinin saxtakarlıq yolu ilə seçilməsindədir. Nə vaxt ki qanunla bələdiyyə seçkisi olacaq, onda bir çox məsələlər həll ediləcək.
Sədrlik edən. Çox gözəl təklif elədiniz. Hörmətli millət vəkilləri, indi icazə verin, mən də bir-iki kəlmə deyim. Yəni çox çıxışlar oldu, mən təkrarlamaq istəmirəm. Bələdiyyə işçiləri bələdiyyələri tərifləyirlər, icra hakimiyyəti işçiləri icra hakimiyyətini tərifləyirlər. Mən onu demək istəyirəm ki, həm bələdiyyə işçiləri arasında, həm də icra hakimiyyətində çox vicdanlı, namuslu adamlar var. Ancaq bütün bələdiyyə işçilərinin hamısına mələk adı verə bilmərik. Burada çətinliklər var, yeni təsisatdır. Burada özümüzdə də günah görürəm ki, bələdiyyə haqqında təkmil qanunlar çıxarmışıq, amma bu qanunların icrasına normal baxa bilmirik.
Biz bilirik ki, indiki dövrdə bələdiyyə ictimai mülkiyyətdir. Bələdiyyəyə nə dotasiya verilməlidir, nə də bələdiyyənin işinə nəzarət olmalıdır. Ancaq bu ilk mərhələdir. İkincisi, nəzarət komissiyasının funksiyasını əsas istiqamətə yönəltmək lazımdır ki, maarifçiliklə məşğul olsun. Bir də nəzarət funksiyası inzibati nəzarət yox, lazım olanda başqa nəzarət funksiyası olsun ki, bələdiyyələr özlərində cavabdehlik görsünlər. Mənim fikrim belədir ki, nəzarət funksiyasını hələlik artırmaq lazımdır.
Xarici təşkilatlar bu işləri dəstəkləməsə də bizdə bələdiyyəyə nəzarət funksiyasını bir az artırmaq lazımdır. Həmin nəzarət orqanı da yeni yaranıb. Mən də hesab edirəm ki, onun işini məqbul hesab eləmək lazımdır. Komissiya ilə, Arif müəllimlə danışmışdıq ki, bu qanunları təkmilləşdirmək, yenidən baxmaq üçün yavaş-yavaş onların üzərində işləmək lazımdır ki, boşluqları dolduraq və qanunlarımız normal qaydada işləsin.
Təklif var ki, səsə qoyulsun. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 14.26 dəq.)
Lehinə 80
Əleyhinə 7
Bitərəf 2
Səs vermədi 1
İştirak edir  90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İkinci məsələ Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Bu layihəyə iki komissiyada baxılmışdır. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri, bu gün sizin müzakirənizə Azərbaycan Respublikası Prezidenti tərəfindən göndərilmiş Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında qanun layihəsi birinci oxunuşda təqdim olunur. 3 fəsil, 14 maddədən ibarət olan qanun layihəsi aktuallığı baxımından olduqca vacib və əhəmiyyətli problemin həllinə yönəldilmiş sənəddir.
Dövlətin ən böyük sərvəti onun əhalisi haqqında tam və dürüst məlumatların toplanması, əhalinin yerləşməsi və tərkibi, əhalinin təbii hərəkəti və yeniləşməsi, əhali miqrasiyasının, əhalinin sosial-iqtisadi xarakteristikasının, demoqrafik siyasətin nəticələrinin dəqiqləşdirilməsi dövlət əhəmiyyətli məsələdir. Məsələnin aktuallığını nəzərə alaraq, möhtərəm Prezidentimiz İlham Əliyev 2004-cü il fevral ayının 21-də “Azərbaycan Respublikası vətəndaşlarının dövlət reyestrinin yaradılması haqqında” fərman imzalamışdır. Fərmanda bu reyestrin zərurəti, məqsədi və əhəmiyyəti öz əksini tapmış və ölkə qanunvericiliyində əhalinin dövlət reyestri haqqında qanunun yaradılması və işlək mexanizmə malik olması üçün şərtlər müəyyən edilmişdir. Fərmanda dövlət informasiya sistemlərinin formalaşması, həmin sistemlərin dövlətin fəaliyyətinin müxtəlif sahələrini əhatə etməsi, bunun ilk növbədə insan hüquq və azadlıqlarının təmin edilməsinə yönəldilməsi öz əksini tapmışdır.
Eyni zamanda, təcrübədə əhali barəsində qanunvericiliklə müəyyən edilmiş məlumatların olmaması və ya qeyri-dəqiq məlumatların olması səbəbindən dövlət siyasətinin müxtəlif sahələrində, ilk növbədə, sosial sahədə seçkilər kimi mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsində çatışmazlıqlar, vətəndaşların hüquqlarının təmin etdirilməsi sahəsində hüquq pozuntuları və çətinliklərin də olduğu qeyd olunmuşdur. Bununla əlaqədar qanunla müəyyən edilmiş hallarda ölkə vətəndaşları barədə müəyyən edilmiş məlumatlar məcmusunun yaradılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının dövlət reyestrinin yaradılması qərara alınmışdır.
Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının dövlət reyestrinin aparıcısıdır. 2004-cü il 14 oktyabrda “Azərbaycan Respublikası əhalisinin dövlət reyestrinin aparılması qaydası haqqında” Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının Prezidentinin fərmanı olmuş, 2004-cü il oktyabrın 16-da isə Əsasnamə qəbul olunmuşdur. Əsasnamədə “Azərbaycan Respublikası vətəndaşları” sözləri “Azərbaycan Respublikasının əhalisi” sözləri ilə əvəz olunmuşdur ki, bu da qanunun əhatə dairəsini genişləndirmişdir. Əhali olduqca ümumi şəkildə təbii tarixi təşəkkül tapmış və bilavasitə həyatın istehsal və təkrar istehsalı prosesində fasiləsiz təkrarlanan, təzələnən, mürəkkəb, nisbətən sabit məcmu, insan cəmiyyətinin başlıca maddi komponenti kimi, müəyyən oluna bilər.
Əhalinin sosial, zaman, məkan, ərazi və sairə müəyyənlikləri var. Əhali sosial hadisədir və əhali sadəcə məcmu olmayıb, insan, insan çoxluğu, əhali əlaqəsindən ibarətdir. Əhali daim dinamikada olduğu üçün onun hərəkətinin əsas növləri nəsillərin dəyişməsi gedişində onun fasiləsiz yeniləşməsi, məkan dəyişmələri və sosial hərəkət də əsas göstəricilərdir. Bu mürəkkəb prosesi izləmək, əhalidəki fasiləsiz, geridönməz kəmiyyət və keyfiyyət dəyişikliklərini aşkara çıxarmaq inkişaf meyllərini müəyyənləşdirməyə imkan verir. Bu baxımdan əhalinin dövlət reyestrinin formalaşması, ayrı-ayrı informasiya bazalarından məlumatların vahid bir mərkəzdə cəmləşməsi olduqca vacibdir. Çünki bu, dövlətin öz ərazisində olan insan resursları haqqında məlumatın genişlənməsinə, əhalinin informasiya mədəniyyətinin güclənməsinə, informasiya resurslarından istifadə imkanının artmasına, milli təhlükəsizlik baxımından tələblərin yerinə yetirilməsinə şərait yaradır. Bu problem dövlətin öz əhalisinə aid olan bütün məlumatların dəqiqləşdirilməsi, həmçinin qlobal siyasətin tərkib hissəsidir.
Bu gün dünyada gedən proseslərin, ziddiyyətlərin kökündə duran amillərdən biri də demoqrafik proseslərin tənzimlənməsindəki çətinliklərdən ibarətdir. Demoqrafik təhlilin təşəkkülü, demoqrafik proqnozların hazırlanması təcrübəsi, demoqrafik inkişaf konsepsiyalarının sayının gündən-günə artması bu sahədə beynəlxalq əməkdaşlığın da güclənməsini zərurətə çevirir. 2000-ci ilin iyununda qəbul edilmiş “Qlobal İnformasiya Cəmiyyətinin Xartiyası” adlı siyasi sənəd XXI əsrdə informasiya cəmiyyətinin rastlaşdığı inqilabi dəyişikliklərin qaçılmaz olduğunu vurğuladı. Faktiki olaraq, texnogen sistemlərin idarəçilik qanunları bu gün bəşər cəmiyyətinə keçir, inqilabi sosial transformasiyalar insanların həyatına, təhsilinə, işinə, hakimiyyət strukturları ilə münasibətinə nüfuz etməyə başlayır, həmçinin insanların ümumdünya katifikasiya prosesinə cəlb olunmasına gətirib çıxarır. ənənəvi sənədlər bu gün elektron pasportlarla əvəz olunur, mikrotiplər ən məxfi, saysız-hesabsız məlumatları özündə saxlayır.
Ölkələrin əhalisi artdıqca, bir qitədən digər qitəyə böyük mühacirlər ordusu axdıqca, sanki xalqların böyük köçünün növbəti mərhələsini yaşayan bəşəriyyət yeni qarşıdurmalarla rastlaşır. BMT-nin son proqnozuna görə, 2030-cu ildə planetin əhalisi 8,5 milyard, 2100-cü ildə isə 14,4 milyard nəfər olacaq. Ərzaq problemi ilə əlaqədar Beynəlxalq Tədqiqatlar İnstitutunun proqnozları isə heç də nikbin xarakter daşımır.
Bu gün bir qrup ölkələr əhalisinin sayının azalmasından qorxaraq, doğumu stimullaşdırırsa, digərləri demokratik partlayış təhlükəsi qarşısında doğumu məhdudlaşdırır. “Qocalan qitələr” məfhumu meydana gəlir. Bir sıra ölkələr bu təhlükəni hiss edərək, keçən əsrin ortalarında əhalinin Dövlət Reyestri haqqında qanun qəbul etmişlər: İsveç 1947-ci ildə, İslandiya - 1953, Danimarka - 1969, Fransa - 1971, İspaniya - 1976, Bolqarıstan - 1986. Rusiyada əhalinin dövlət reyestrinin avtomatlaşmış sisteminin yeni xətti 2003-cü ildə fəaliyyətə başlayıb və 2005-ci ildə artıq onun tam fəaliyyəti təmin olunub. Yaşadığımız dövr inteqrasiya prosesinə uyğun olaraq, elmi-texniki inovasiyaların cəmiyyət həyatına ardıcıl, dinamik təsdiqi ilə səciyyələnir. Hətta yeni inovasiya texnologiyalarının hər bir ölkənin idarəolunma sisteminə təsiri səviyyəsi həmin ölkənin inkişafı baxımından dünyada onun statusunu, nüfuzunu və yerini müəyyənləşdirən əsas göstərici kimi qəbul olunur.
Digər tərəfdən, inovasiyaların tətbiqi dünya ölkələri arasında inovasiyaların imkanından istifadə sahəsində mövcud olan qeyri-bərabərliyin aradan qaldırılmasında səmərəli rol oynayır. Bu gün Azərbaycanda cəmiyyətin bütün sahələrində dayanaqlı, tarazlaşdırılmış siyasətin həyata keçirilməsində hərbi müdafiə potensialının, iqtisadi sistemin və digər sahələrin inkişaf etdirilməsində yeni texnologiyaların mühüm əhəmiyyəti var və bu, prioritet məsələ kimi, diqqət mərkəzindədir. Bu baxımdan, bu gün müzakirə olunan qanun layihəsi çox böyük əhəmiyyət kəsb edir.
Azərbaycan dünyada gedən proseslərdən təcrid deyil, inteqrasiya kursunu həyata keçirir. Odur ki, digər dövlətlər kimi, Azərbaycan dövləti də öz əhalisi, vətəndaşları, Azərbaycanda daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər haqqında sənədləşdirilmiş informasiyanın toplanmasını vacib sayır.
Qanun layihəsinin I fəsli 3 maddədən ibarətdir. 1-ci maddədə verilən əsas anlayışlar, Dövlət Reyestri, Dövlət Reyestrinin informasiya sistemi, fərdi identifikasiya nömrəsi və Dövlət Reyestrinin ifadəçiləri anlayışları məhz bu məsələnin mahiyyətini açıqlayır. 2-ci maddə Dövlət Reyestrinin aparılmasının əsas məqsədlərini əks etdirir. Burada toplanmış məlumatlarla dövlət və yerli özünüidarə orqanlarını, habelə fiziki şəxsləri təmin etmək, əhalinin müxtəlif kateqoriyaları üzrə informasiya sistemlərini aparan dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəsini artırmaq başlıca məqsəddir. Dövlət Reyestri və onun informasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir və bu məlumatlardan şəxslərin qanuni mənafeyinin ziddinə istifadə edilə bilməz.
II fəsil olduqca maraqlı və mahiyyət etibarı ilə çox zəngin olan bir fəsildir. O, Dövlət Reyestrinin formalaşması, aparılması, istifadə edilməsi və məlumatların mühafizə qaydasına həsr olunub. 4-cü maddə “Dövlət Reyestrinin informasiya sistemi” adlanır. Burada qeyd olunur ki, Dövlət Reyestrinin formalaşması, aparılması, ondan istifadə informasiya sistemi vasitəsi ilə həyata keçirilir və müvafiq mühafizə vasitələri ilə qorunur. Bu sistemin mühafizə vasitələri müəyyən edilmiş qaydada sertifikatlaşdırılır. Dövlət Reyestrinin informasiya sisteminin yaradılması üzrə fəaliyyətin əlaqələndirilməsi və ondan istifadəsi zamanı metodik və normativ tələblərə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddədə Dövlət Reyestrinin tərkibinə daxil olan məlumatların siyahısı verilir və konkretləşdirilir. Bunlar ilk növbədə, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barədə məlumatlardır.
Nəzərinizə çatdırım ki, bir sıra ölkələrdə məhz bu siyahıya ölkədən vaxtı ilə köçüb getmiş və yaxud ölkəni müvəqqəti tərk etmiş insanlar haqqında məlumatlar daxil edilir. Zənn edirəm ki, gələcəkdə də bu məsələlərə baxmaq olar. Hazırda dövlət reyestrində 2 milyona qədər məlumat toplanılıb. Bunların içərisində vaxtı ilə Azərbaycanda yaşamış insanlar haqqında da məlumatlar var. Gələcəkdə, sizin fikrinizə əsasən, bu məsələnin daha da dəqiqləşdirilməsi mümkündür.
Dövlət reyestrinə daxil edilmiş məlumatların siyahısına gəlincə, bir sıra ölkələrdə əhalinin dövlət reyestri haqqında qanun qəbul edilərkən iradlar əsasən bu maddəyə ünvanlanır. Belə ki, “İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasının 8-ci maddəsi şəxsi və ailə həyatına hörmət hüququnu əsas götürərək, dövlətin insanların şəxsi həyatına müdaxiləsini məhdudlaşdırır. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Bu baxımdan, bu gün müzakirə olunan qanun layihəsində bütün tələblər nəzərə alınmışdır, vətəndaşa aid məlumatlar isə xeyli məhdudlaşdırılmışdır. Müqayisə üçün Avrasiya İqtisadi Birliyinin Parlament Assambleyasının 2002-ci il noyabr ayının 2-də qəbul etdiyi tarixi sənəddə əhalinin Dövlət Reyestrinə daxil edilmiş məlumatların siyahısını deyə bilərəm. Bu, təqribən 47 maddədən ibarətdir. Latviya Respublikasının qanununda bu tələblər 35 maddəni əhatə edir. Fərqi görməmək olmur. Azərbaycan Respublikasının qəbul edəcəyimiz Əhalinin Dövlət Reyestri haqqında qanun layihəsində bu kifayət qədər məhdud bir saydadır.
Fərdi identifikasiya nömrəsi bir sıra ölkələrdə uşaq doğulan gün ona verilir və bütün ömrü boyu həmin identifikasiya nömrəsi ilə yaşayır. Adı, soyadı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı və s. göstərilir. Siyahı sizdə var. Bunların hər biri ilə bağlı deyə bilərəm ki, digər Avropa ölkələrində atasının soyadı, özünün əvvəlki soyadı burada öz əksini tapır. Doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, ailə vəziyyəti və ailə vəziyyəti haqqında geniş məlumatlar başqa ölkələrdə toplanır. Biz kifayət qədər bununla məhdudlaşmışıq. Yaşayış yerinə gəldikdə, digər ölkələrdə əvvəl hansı yerlərdə yaşayıbsa, həmin yerlərin adları, həmin yerlərdən hansı səbəblərdən köçməsi barədə məlumatlar da var.
Diametrik məlumatlar da müəyyən mübahisələr doğuran məqamlardır. Burada ölüm tarixi ilə əlaqədar bir məsələni də deyim. Biz ancaq ölüm tarixi ilə məhdudlaşırıq, yəni nə vaxt vəfat edib. Ancaq digər ölkələrin qanunlarında - necə ölüb, harada basdırılıb, hansı xəstəxanada dünyasının dəyişib – bütün bu məlumatlar orada öz əksini tapmalıdır. Həddindən artıq şəxsi həyata müdaxilə var. Nə yaxşı ki Azərbaycan Respublikasının qəbul edəcəyi qanunda bu müddəalar yoxdur. Bir məqam da var ki, bizim Dövlət Reyestrindəki məlumatlar həmişəlik saxlanılır, arxivləşdirilir və məhv edilmir. Amma digər ölkələrdə təqribən 70-75 il ərzində saxlanıldıqdan sonra məhv olunur. Doğrudan da, bu maddə ilə əlaqədar kifayət qədər mübahisələr mövcuddur. Fərdi məlumatların və şəxsi həyata aid məlumatlara müdaxilə ilə əlaqədar müxtəlif fikir ayrılıqları var. Ancaq bizdə bu fikir ayrılıqları, inanıram ki, olmayacaq. Çünki bütün beynəlxalq təcrübədən istifadə etmişik ki, bu qanun layihəsi kifayət qədər mükəmməl olsun. Ancaq mənim özümün də bir fikrim var.
Mənə elə gəlir ki, bu qanun layihəsini biz qəbul etdikdən sonra mütləq “Fərdi məlumatların qorunması haqqında” Qanuna da baxmaq lazımdır. Çünki həmin qanunla bu qanun layihəsi bir-birini qoruyan sənədlər olacaq. Mətbuatda belə fikirlər də səslənirdi ki, hər hansı bir qeyri-qanuni müdaxilə, virus hücumu nəticəsində Dövlət Reyestrində olan hər hansı bir sənəd silinə bilər, itə bilər, dəyişdirilə bilər, yəni müxtəlif variantlar ola bilər. Belə olan vəziyyətdə həmin şəxs, yəni haqqında sənədləşdirilmiş informasiya olan şəxs nə etməlidir? Çünki həmin şəxs yenidən bütün sənədlərin toplanması, sənədlərin dəyişdirilməsi, düzəlməsi üçün cavabdehdir. Ancaq burada da belə bir məqam var.
İnsan Hüquqları Bəyannaməsinin birinci hissəsinin 2-ci maddəsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda, Avropa Konvensiyasının 6-cı maddəsində hər hansı bir fərdin təqsirsizlik prezumpsiyası, yəni insanın öz günahsızlığını, təqsirsizliyini sübut etmək məsələsi var. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində - “Təqsirsizlik prezumpsiyası” maddəsində həmin hüquqlar qorunur. Hansı mənbədən ki Dövlət Reyestrinə məlumatlar daxil olacaq, onlar məlumatların dəqiqliyi üçün məsuliyyət daşıyır. Həmin mənbədə müəyyən çətinliklər, müəyyən nöqsanlar olarsa, artıq məhkəmə vasitəsi ilə həmin şəxsin xeyrinə düzəlişlər ediləcək. Bir məqam da var. Ola bilər ki, həmin informasiya ehtiyatı dağıdılsın. Yəni belə hallar da baş verə bilər. Bu təhlükənin qarşısını almaq üçün Azərbaycan Respublikası Qanununda informasiya ehtiyatlarının texniki daşıyıcılarının ehtiyat surətinin dayanaqlı alternativ telekommunikasiyalar ilə təmin olunması nəzərdə tutulur. Yəqin biri Bakıda olarsa, digər alternativ baza başqa bir yerdə tam təhlükəsiz vəziyyətdə olacaq ki, belə çətinliklərlə üzləşməyək.
7-ci maddədə söhbət Dövlət Reyestrinin formalaşmasından və aparılmasından gedir. Sözsüz ki, Dövlət Reyestri Azərbaycan dilində, dövlət dilimizdə aparılacaq və daim təzələnəcək və bu təzələnmə çox operativ xarakter daşıyacaq. Dövlət reyestri ilə informasiya mübadiləsinin iştirakçısı olan informasiya sistemlərinin ekspertizası həyata keçiriləcək. Çünki mənbələr həddindən artıq çoxdur və bu ekspertizanın həyata keçirilməsinə böyük ehtiyac var. Dövlət Reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət reyestrindəki sənədləşdirilmiş informasiyanın dəqiqliyi və tamlığı, təhlükəsizliyi təmin edilməlidir.
Fərdi identifikasiya nömrəsi siyahıda birinci gedirdi. Fərdi identifikasiya nömrəsi hər bir vətəndaşa, Azərbaycan Respublikasında daimi yaşayan hər bir əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Yəni reyestr xidməti tərəfindən verilir. Fərdi identifikasiya nömrəsi təkrar olunmur, dəyişilmir, müvafiq beynəlxalq standartların tələblərinə uyğun olaraq, müvafiq simvollardan ibarət vahid koddur. Əsasən 14 simvoldan ibarət kod olur və həmin şəxsə avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsi ilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri xidməti tərəfindən verilir. Fərdi identifikasiya nömrəsi şəxs barəsində informasiya Dövlət Reyestrinə ilk dəfə daxil edilərkən verilir və xarici elektron cədvəlinə əlavə edilir.
Dövlət Reyestrinə barəsində sənədləşdirilmiş informasiya daxil edilmiş şəxs öldükdə, məhkəmə qaydasında ölmüş elan edildikdə fərdi identifikasiya nömrəsi arxivləşdirilir və təkrar istifadəyə verilmir. Açıq deyim ki, yeni rəqəmli dünyanın vətəndaşı olmaq, görünür, həm də yeni psixoloji duruma hazır olmağı tələb edir. Ancaq nə etməli? Şübhəsiz ki, informasiyalı cəmiyyət total nəzarət texnologiyalarının inkişafını dolayısı yolla müəyyən edir. Lakin bu reallıqdır, biz də bu reallıqla razılaşmaya bilmərik.
Hər bir kəsin öz kodunu bilməsi üçün yazılı şəkildə müraciət etməsi lazımdır. Ümumiyyətlə, o, koddan istifadə etməyə də bilər. Məsələn, Avropa İttifaqı vahid identifikasiya koduna keçidi hələ müəyyən etməyib. Avropanın bir sıra ölkələrində bu var, digər ölkələrində isə kod məsələsi kifayət qədər mürəkkəbdir.
Dövlət Reyestrinə düzəliş edilməsi, mən bu barədə danışdım, ilk növbədə ilkin mənbəyə müraciətdən sonra olacaq. Dövlət Reyestrindəki məlumatların mühafizəsi. Dövlət Reyestrində saxlanan məlumatların əldə olunması, işlənməsi və verilməsi, istifadəsi məhdudlaşdırılmış informasiya kateqoriyasına aid edilir. Sözsüz ki, bunu əldə etmək üçün həmin şəxs ərizə ilə müraciət etməlidir. Bu, pulsuz olur. Növbəti dəfə müraciət etdikdən sonra, digər ölkələrdə belə bir təcrübə var, həmin verilmiş məlumat pulla həmin şəxsə verilir.
Dövlət Reyestri dövlət büdcəsinin vəsaiti hesabına müəyyənləşdirilir və bu Qanunun pozulmasına görə məsuliyyət Dövlət Reyestrini aparan vəzifəli şəxslərin üzərinə düşür. Dövlət Reyestrindəki məlumatlardan istifadə edən dövlət və yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri informasiyanın qorunmasına görə məsuliyyət daşıyır. Məsələn, Norveçdə İnformasiya İnspektorluğu adlı bir qurum var və bu qurum ona nəzarət edir. Bu qurum Dövlət Reyestrinin xidmətindən də yüksək bir qurumdur.
Bu, olduqca vacib bir qanun layihəsidir. Mənə elə gəlir ki, həmkarlarımın qiymətli fikirləri bu qanunun daha da mükəmməl olmasına yardım edəcək və hər biriniz öz sözünüzü deyəcəksiniz. Ancaq bir şey məlumdur ki, bu gün yalnız bu qanunun vacibliyini, konseptual baxımdan vacibliyini müzakirə edirik. Ancaq ikinci oxunuşda daha maraqlı söhbət olacaq. Biz qlobal dünyanın çağırışına cavab veririk və Dövlət Reyestri haqqında olduqca vacib, mürəkkəb bir sənədi qəbul edirik. Diqqətinizə görə çox sağ olun. Biz sizin təkliflərinizi dinləyirik.
Sədrlik edən. Çox sağ olun. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! Mənim xüsusi əlavələrim yoxdur. Çox ətraflı, maraqlı və peşəkar məruzəyə görə mən Rəbiyyət xanıma təşəkkürümü bildirirəm. Qısaca, onu deyə bilərəm ki, bu qanun layihəsində bizim qarşımızda duran ən başlıca və ən mühüm vəzifə Konvensiya ilə təsbit olunan şəxsi həyatın hüquqi ilə informasiya əldə etmək azadlığı hüququ arasında olan tarazlığı qoruyub saxlamaqdır. Bu bizim qarşımızda duran çox vacib bir məsələdir.
Düşünürəm ki, burada çıxışa kifayət qədər yazılan var. Yəqin ki, maraqlı iradlar, təkliflər olacaq. Mən heç bir halda bizim iş qaydamızı, sizin və parlamentin müəyyənləşdirdiyi iş qaydasını pozmaq fikrində deyiləm. Biz özümüz çıxışlardan ətraflı bəhrələnmək istəyirik. İkinci oxunuşa görə. Ona görə də hesab edirəm ki, biz bunu əsas kimi qəbul edə bilərik. Çox istərdik ki, imkan çərçivəsində növbəti parlament iclasında bütün millət vəkilləri təkliflərini bildirsinlər. Məruzədən də məlum oldu ki, problemin qoyuluşu vacibdir. Hesab edirəm ki, belə bir qanunun qəbul olunması zəruridir. Bu baxımdan, mən millət vəkillərini qanun layihəsinə səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təklif oldu ki, əsas kimi qəbul edək. Münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.51 dəq.)
Lehinə 82
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 84
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. İcazə verin, bir daha bizim qadınları bayram münasibətilə təbrik edək! Gələn iclasımız ayın 10-dadır. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi