2006-ci il 13 oktyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
IV  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  23

Milli  Məclisin  iclas  salonu.
13  oktyabr  2006-cı  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Ə. Şəfiyev, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini.
F. Quliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Təşkilati İnspektorluq İdarəsinin rəisi.
B. Hacıyev, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Hüquq şöbəsinin müdiri.

* * *

N. Nəsrullayev, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
G. Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
H. Əsədov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
N. Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
M. Mərdanov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin idarə rəisi.
A. Quliyev, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin müavini.
Y. Məmmədov, “Kapital Bank” Səhmdar-Kommersiya Bankı sədrinin müavini.
E. İsmayılov, Azərbaycan Banklar Assosiasiyasının sədri.
R. Hüseynəliyev, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin departament direktoru.
N. Qasımov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin departament direktorunun müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Dövlət borcu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında.

İclasda qəbul edilmişdir:

1. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
2. “Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
3. Dövlət borcu haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).


 Azərbaycan  Respublikası
 Milli  Məclisinin  Sədri                                    O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

13  oktyabr 2006-cı il. Saat 12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Sabahınız xeyir, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 100
Yetərsay 83

Yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, iclasın gündəliyi hamınızda var. Gündəliyə keçməzdən qabaq bir məsələni nəzərinizə çatdırmaq istərdim. Biz keçən iclasda Fransa parlamentinə müraciət qəbul elədik. Təəssüflər olsun ki, bizim müraciətimiz diqqətsiz qaldı və Fransa Milli Məclisində “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza müəyyən edən qanun layihəsi qəbul olundu. Layihənin lehinə 106 nəfər, əleyhinə 19 nəfər səs verib.
 Bu məsələ hüquqi baxımdan da düzgün deyil, Fransanın Konstitusiyasına da uyğun deyil. Ancaq Fransada erməni lobbisinın təsiri altında belə bir qanun qəbul olundu. Ona görə keçən dəfə dediyimiz kimi, bu məsələyə öz münasibətimizi bildirməliyik. Müraciət yox, bəyanat qəbul eləməliyik. Əgər etiraz eləmirsinizsə, bir komissiya yaradaq, bəyanat hazırlayaq. Etiraz eləmirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müzakirə eləyərik. Əvvəl komissiya yaradaq. Hamımız bilirik, hamımız hiddətlənirik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. O müzakirənin yeri deyil. Mən təklif edirəm ki, Bahar xanımın rəhbərliyi altında belə bir komissiya yaradaq. Səfa müəllim, komissiyanın tərkibində bütün partiyaların nümayəndələri olsun. Buyurun.
S. Mirzəyev, Milli Məclis Aparatının rəhbəri.
Təşəkkür edirəm, cənab Sədr. Təklif olunur ki, redaksiya komissiyası aşağıdakı tərkibdə müəyyən edilsin: Bahar Muradova (sədr), Eldar İbrahimov, Rüfət Quliyev, Vahid Əhmədov və İltizam Əkbərli. 2 nəfər iqtidar partiyasından, 2 nəfər bitərəf və 1 nəfər müxalifət partiyasından. Təşəkkür edirəm.
Sədrlik edən. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda komissiya işinə başlasın. İcazə verin, gündəliyimizə davam eləyək. Gündəliyin növbəti məsələsi Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Bu iclasda milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev, Daxili İşlər Nazirliyinin Baş Təşkilati İnspektorluq İdarəsinin rəisi Fazil Quliyev, Milli Təhlükəsizlik Nazirliyinin Hüquq şöbəsinin müdiri Bəxtiyar Hacıyev iştirak eləyirlər. Suallar olanda cavab verəcəklər. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, respublikamızda son dövrlər keyfiyyətcə yeni ictimai, iqtisadi və sosial münasibətlər sisteminin qurulması, ölkənin Qərb təsisatlarına inteqrasiyası ilə müasir cəmiyyət tələbatlarının formalaşması fərdi və şəxsi mülkiyyətin mühafizəsi sahəsində də müvafiq dəyişiklikləri zəruri edir. Lakin bu proses nəzarətsiz və sistemsiz deyil, respublikanın qanunvericiliyinə ciddi riayət etməklə ardıcıl qaydada həyata keçirilməlidir. Azərbaycanın uğurlu neft strategiyası nəticəsində xarici investisiyaların axını, iş adamlarının ölkəyə gəlişi, iqtisadiyyatımızda özəl sektorun inkişafı mühafizə xidmətlərinə də tələbatın artmasına səbəb olmuşdur.
Təhlükəsizlik xidmətlərinin göstərilməsi sahibkarlıq fəaliyyətinin xüsusi bir növü olduğundan təhlükəsizlik məsələləri ilə məşğul olan şəxslərin və şirkətlərin fəaliyyətinin hüquqi tənzimlənməsi və dövlət nəzarətinin təmin edilməsi günümüzün zərurətinə çevrilmişdir. Ölkədə və regionda həyata keçirilən strateji layihələrin bəzi hallarda terror və təxribat təhlükəsinə məruz qalması onların mühafizəsi ilə bağlı fəaliyyətin dövlət tərəfindən tənzimlənməsini vacib edir. Belə ki, hazırda ölkədə mühafizə xidmətləri, əsasən, özəl strukturlar tərəfindən həyata keçirilir. Bu sahədə dövlətin nəzarətinin və hüquqi tənzimləmə mexanizmlərinin olmaması həmin qurumlara zəruri peşəkar vərdişləri olmayan, bir sıra hallarda kobud qanun pozuntularına görə hüquq mühafizə orqanlarından kənarlaşdırılmış və bəzən isə kriminal keçmişə malik olan şəxslərin yol tapmasına şərait yaradır. Qeyd olunan amillər qorunmalı olan obyektlərə qarşı mühafizə əməkdaşlarının özləri tərəfindən də təhriflərə şərait yaradır.
Azərbaycan Respublikasında özəl mühafizə fəaliyyətini tənzimləyən normativ hüquqi aktların qəbul edilməməsi bu növ fəaliyyətə dövlət tərəfindən nəzarət mexanizmini heçə endirmişdir. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qanunvericiliklə qadağan edilməyən fəaliyyət növlərinə, o cümlədən mühafizə xidmətlərinin göstərilməsinə də məhdudiyyət qoyulmur və bu növ şirkətlərin fəaliyyəti qanuni hesab olunur. Hazırda respublikada 30-a yaxın mühafizə xidməti göstərən şirkət mövcuddur. Fəaliyyətində hüquq pozuntularına yol vermədən peşəkarlıqla çalışan şəxsləri və şirkətləri qeyd etməklə yanaşı, bildirməliyəm ki, bəzi özəl xidmətlər tərəfindən ölkə ərazisində qanunsuz əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərin keçirilməsi vətəndaşların şəxsi həyatına müdaxilə olunması ilə yanaşı, onların hüquq və azadlıqlarının pozulmasına, həmçinin münaqişəli vəziyyətlərə şərait yaradır. Buna səbəb ilk növbədə özəl mühafizə xidmətlərini tənzimləyən lokomotiv hüquqi bazanın olmaması, bu sahədə dövlət nəzarətinin qeyri-mövcudluğudur.
Faktiki olaraq hazırda ölkəmizdə fəaliyyət göstərən bu növ şirkətlər öz xidmətlərini müvafiq təhlükəsizlik orqanları ilə razılaşdırmadan həyata keçirirlər. Xidmət göstərən özəl mühafizə şirkətlərinin fəaliyyəti bəzi hallarda mövcud qanunvericiliyin müddəalarını pozmaqla yanaşı, milli mənafeyimizə də təhdidlər yaradır. Qabaqcıl dövlətlərin təcrübəsinin təhlili göstərir ki, mühafizə şirkətlərinin qeydiyyatına və lisenziyalaşdırılmasına xüsusi diqqət yetirilir. Belə ki, qeyri-qənaətbəxş əxlaqi keyfiyyətlərə və kriminal keçmişə malik şəxslərin mühafizə şirkətlərinə qəbul olunma riskinin azaldılması məqsədi ilə həmin prosedurlar bu dövlətin xüsusi xidmət orqanlarının, təhlükəsizlik orqanlarının ciddi nəzarəti altında həyata keçirilir.
Hörmətli millət vəkilləri, cənab Prezident tərəfindən təqdim olunmuş və qeyd etdiyimiz problemlərin hüquqi tənzimlənməsinə yönəlmiş Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanun layihəsi lakonik olmaqla yanaşı, 22 maddədən ibarətdir. 1-ci və 8-ci maddələr əsas anlayışları və özəl mühafizə fəaliyyətinin prinsiplərini, bu fəaliyyətin xüsusiyyətlərini əks etdirir. 9-cu maddədə mühafizəçilərə münasibətdə irəli sürülən tələblər dəqiq göstərilmişdir. Belə ki, mühafizəçi vəzifəsinə 21 yaşına çatmış və xüsusi hazırlıq kursu keçmiş şəxslər qəbul oluna bilər. Hərbi xidmət keçməmiş, bundan başqa, qəflətən cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş və eyni zamanda, işə qəbul zamanı ruhi xəstəlik, alkoqolizm və narkomaniyadan əziyyət çəkən şəxslərin belə xidmətə qəbulu qadağandır. 10 və 11-ci maddələrdə mühafizəçinin hüquq və vəzifələri, onun fəaliyyətindəki qadağalar dəqiq göstərilmişdir.
Çox vacib bir müddəa 12-ci maddədə əks olunmuşdur. Bu, mühafizəçinin xüsusi geyim forması və vəsiqəsi məsələsini açıqlayır. Məlumdur ki, bəzən bu geyim formalarından və vəsiqələrdən sui-istifadə hallarına yol verilir. Qanun layihəsində birmənalı göstərilir ki, mühafizəçilərin xüsusi geyim formaları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, hüquq mühafizə və təhlükəsizlik orqanlarının xüsusi geyim formalarından, o cümlədən dövlət orqanlarının xüsusi geyim formalarından açıq və aydın şəkildə seçilməlidir. Eyni zamanda, xüsusi geyim və vəsiqələrin forması müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır.
13, 14 və 15-ci maddələr özəl mühafizə fəaliyyətinin həyata keçirilməsində fiziki qüvvənin və xüsusi vasitələrin tətbiqinin şərtlərini və hüdudlarını dəqiq müəyyən edir. 16-cı maddə də qeyd etdiyim vacib maddələrdən biridir. Bu maddədə özəl mühafizə fəaliyyətində mülki silahın təyinatı üzrə istifadə edilməsinin şərtləri müəyyənləşdirilir. Maddənin adından göründüyü kimi, burada söhbət ancaq mühafizəçilərin mülki silahdan istifadəsindən gedir.
Məlumat üçün bildirmək istəyirəm ki, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Avstriyada, qonşu Rusiyada, Qazaxıstanda özəl mühafizə xidmətinin əməkdaşlarına odlu silahdan istifadəyə də icazə verilir. Amma qeyd etməliyəm ki, misal üçün, Amerika qanunvericiliyi bütün vətəndaşlara silah əldə etmək imkanı yaradır. Digər tərəfdən, adını çəkdiyim qonşu dövlətlərdə mühafizə xidmətlərində odlu silaha icazə verilməsinin mənfi nəticələri haqqında onlarla misal çəkmək mümkündür. Rusiya ərazisində törədilmiş bəzi cinayətlərdə məhz mühafizə xidmətinin əməkdaşlarının daşıdığı “İJ” markalı tapançalardan istifadə faktları çox olmuşdur. Bu baxımdan hesab edirəm ki, qanunvericilik təşəbbüsü subyekti tərəfindən Azərbaycanda özəl mühafizə fəaliyyətinə ancaq mülki silahın təyinatı üzrə istifadəsinə icazə verilməsi tamamilə düzgündür.
18-ci maddə özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığın alınması məsələsinə həsr olunmuşdur. Bu maddənin vacib 3-cü bəndində göstərilir ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə özəl mühafizə mərkəzi yaratmaq, habelə belə bölməyə rəhbərlik etmək və mühafizə fəaliyyəti ilə məşğul olmaq qadağandır. Belə müddəa təkcə bizim qanun layihəsində nəzərdə tutulmayıb. Bu cür müddəalar bir çox inkişaf etmiş dövlətlərin, o cümlədən Amerika Birləşmiş Ştatlarının, Fransanın, İngiltərənin, Çexiyanın, Slovakiyanın, MDB dövlətləri sırasında Rusiyanın, Ukraynanın və Gürcüstanın qanunvericiliyində də mövcuddur. Xarici ölkə şirkətlərinə həmin dövlətin ərazisində mühafizə şirkəti yaratmaq, mühafizə fəaliyyəti ilə məşğul olmaq qadağası başqa dövlətlərdə də mövcuddur.
Özəl mühafizə fəaliyyətinə nəzarət kimi vacib bir müddəa 21-ci maddədə əks olunmuşdur. Yuxarıda qeyd etdiyim kimi, bu cür dövlət nəzarəti bütün dövlətlərin qanunvericiliyində mövcuddur və hesab edirəm ki, bizdə də zəruridir. Hansı orqanın bu fəaliyyətə nəzarət etmək məsələsi isə cənab Prezidentin bu qanunu imzalayacağı təqdirdə bunun tətbiqi ilə bağlı sənəddə öz əksini tapacaqdır.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, beləliklə, azad iqtisadi mühitdə fəaliyyət növü kimi günümüzün artıq reallığına çevrilmiş özəl mühafizə xidmətinin hüquqi tənzimlənməsi və ona dövlət nəzarətinin təmin edilməsi zərurətindən çıxış edərək, cənab Prezident tərəfindən parlamentin müzakirəsinə təqdim olunmuş Qeyri-dövlət (özəl) mühafizə xidməti haqqında qanun layihəsini müzakirə edərək birinci oxunuşda səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bütün mikrofonlar işləyir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deyərik, indi baxarlar. Müzakirəyə başlayırıq. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, 22 maddədən ibarət olan bu qanun layihəsi çox vacib məsələlərə həsr olunubdur. Mən çox məmnunam ki, nəhayət, Qeyri-dövlət (özəl) mühafizə xidməti haqqında belə bir qanun layihəsi bu gün Milli Məclisin müzakirəsinə təqdim olunub. Qeyri-dövlət (özəl) mühafizə xidməti haqqında qanun layihəsi ilə bağlı demək istərdim ki, müstəqil insanların və hüquqi şəxslərin öz mühafizəsini təşkil etməsi prosesində silahla təminat məsələsi ən ziddiyyətli məqamdır. Çünki qanun layihəsində “ov tüfəngi ilə” yazılıb. Məncə, bu, gülməli səslənir. Ov tüfəngi ilə mühafizə olmaz. Sənədin bu hissəsi yenidən işlənməlidir.
Təkcə fiziki və hüquqi şəxslər yox, dövlət təşkilatlarının bəziləri də öz mühafizəsini müqavilə əsasında özəl mühafizə xidmətlərinə tapşıra bilərlər. İnkişaf etmiş Avropa dövlətlərində belə hallar çoxdur. Bu, özəl mühafizə təşkilatlarına ictimaiyyət arasında inamı daha da artırar.
Bu qanun layihəsi Azərbaycan Respublikasında qeyri-dövlət mühafizə xidmətinin həyata keçirilməsi zamanı qeyri-dövlət mühafizə xidməti subyektlərinin dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edən bir sənəddir. Bu layihədə göstərilir ki, mühafizə məsələsi binalara, tikintilərə, qurğulara, ərazilərə və sairə aiddir. Məncə, daşınan əmlaka da bu məsələlər şamil edilməlidir.
Bu, çox vaxtında müzakirəyə verilmiş, sahibkarlıq fəaliyyətinin inkişafına xüsusi köməklik göstərən bir qanun layihəsidir. Lakin burada bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Maddə 10.1.2-də yazılır: “Mühafizə olunan obyektə giriş və çıxış zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada fiziki şəxsləri (qulluq vəzifələrini icra edən hüquq mühafizə və digər dövlət orqanlarının əməkdaşları istisna olmaqla), onların əşyalarını və nəqliyyat vasitələrini texniki vasitələr tətbiq etməklə və ya tətbiq etmədən gözdən keçirmək”. Bunlar qadağan olunan məsələlərdir. Qeyd eləyim ki, bu səlahiyyət hər yerdə deputatlara verilibdir. Burada necə olur ki, başqa təşkilatlar, hüquq mühafizə orqanları nəzərə alınır. Yəqin ki, yaddan çıxıb. Burada Milli Məclisin deputatlarının da adı olmalıdır, onların toxunulmazlıq hüququ hökmən təmin olunmalıdır.
Burada başqa maddədə yazılır ki, mühafizə olunan obyektlərdə hüquqi şəxsin müvafiq vəzifəli şəxslərinin, habelə mühafizə olunan obyektlərin mülkiyyətçiləri və ya qanuni sahiblərinin yazılı icazəsi olmadan video və audioyazı, foto və kino çəkilişi aparmaq olmaz. Bunlar, ümumiyyətlə, qadağan olunan şeylərdir. Yoxsa mühafizəçilərin hərəsinin əlində bir maqnitofon, bir mikrofon gəlib-gedənin səsini yazması doğru deyil. Hüquq mühafizə orqanlarının araşdırmaları nəticəsində bunları eləmək olar. Ancaq hər hansı bir müəssisənin sahibinin icazəsi ilə kiminsə səsini yazmaq, kiminsə fotosunu götürmək məsələsi bir qədər aydınlaşdırılmalıdır. Çünki bu, ciddi məsələdir. Hər bir kəsə bu məsələni həll etmək üçün xüsusi icazə verilməsi düzgün hesab oluna bilməz.
Sonra, burada 11.2-də yazılır ki, özəl mühafizə fəaliyyətini həyata keçirən şəxslərə hüquq mühafizə orqanlarının əməkdaşlarının hüquqi statusu şamil edilmir. Bu, doğru yazılıbdır. Çox təəssüf ki, biz indi Avropa ölkələrində və Rusiyanın şəhərlərində olarkən hiss edirik ki, özəl müəssisələrin mühafizə xidmətinin işçiləri bəzən özlərini dövlət orqanının əməkdaşı kimi aparırlar. Bu baxımdan həmin maddənin bura düşməsi tamamilə düzgündür və ona ciddi əməl olunmalıdır.
Əli müəllim çıxışında geyim məsələsini xüsusi qeyd etdi. Tutaq ki, biri gömrükdə mühafizəçidir, o biri Ədliyyə Nazirliyi xidmətindədir, digər biri başqa təşkilatda çalışır. Hər biri özü müəyyən bir paltar icad eləsə, bunlara geyindirsə, bunlar da istədikləri şəkildə özünü həmin orqanın səlahiyyətli nümayəndələri kimi aparsa, onda onları tanımaq olmaz ki… Burada düzgün olaraq qeyd olunur ki, bunlar həmin paltarları geyib öz əhatə dairəsindən, yəni həmin müəssisədən kənarda fəaliyyət göstərib öz hüquqlarını nümayiş elətdirə bilməzlər. Çox təəssüf ki, belə hallar, ümumiyyətlə, bütün Avropa ölkələrində mövcuddur. Bu məsələ məni narahat edir. Bizdə bu yaradılanda həmin mühafizə işçiləri də hüquq mühafizə orqanlarının işçiləri kimi ondan istifadə edə bilərlər. Mənim belə bir təklifim var ki, onlar üçün eyni formalı paltarlar tikdirilsin və bunların özəl, dövlət, mühafizə xidməti işçiləri olmaqları da bilinsin. Çünki onların paltarlarını elə düzəldirlər ki, hüquq mühafizə orqanlarının paltarına oxşayır. Ona görə də hər adam onları tanıya bilmir. Yaxşı olar ki, eyni formalı olsun və insanlar həmin paltarları seçə bilsin.
12.3-də yazılır: “Özəl mühafizə müəssisəsi və hüquqi şəxsin mühafizə bölməsinin mühafizəçisinin xüsusi geyim formasının üzərində həmin müəssisənin tam adı, fərdi qeydiyyat nömrəsi, habelə mühafizəçinin adı və soyadı göstərilməlidir”. Bu, böyük hərflərlə yazılmalıdır. Bilinməlidir ki, bu şəxs özəl mühafizə xidmətinin işçisidir. Bunu gizlətməyə ehtiyac yoxdur.
Sonra, burada mülki silahın tətbiqinə icazə verilməsi də diqqəti çəkən məsələdir. Ümumiyyətlə, mülki silah mühafizəçi tərəfindən yalnız mühafizə olunan obyektin hüdudlarında saxlanıla, gəzdirilə və təyinatı üzrə istifadə oluna bilər. Bunlar da dəqiqdir. Mən yenə də təkrarən deyirəm ki, mühafizəçinin xidməti vəzifələrinin icrası zamanı həlak olması, bədən xəsarəti alması, sağlamlığına digər zərərin dəyməsi halları işə götürənin vəsaiti hesabına icbari sığorta olunmalıdır. Çünki bu, gündəlikdə duran əsas məsələlərdən biridir.
Maddə 18.3-də yazılır: “Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər və əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslər, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslər, habelə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər özəl mühafizə müəssisəsi yarada, özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsinə rəhbərlik edə, mühafizəçi qismində fəaliyyət göstərə bilməz”. Bu maddəni də çox düzgün olaraq bura salıblar. Qanun layihəsindəki həmin maddələrə ciddi əməl olunmalıdır. Dediyim qeydlərin də nəzərə alınması şərti ilə mən bu qanun layihəsinin birinci oxunuşda qəbul olunmasına tərəfdaram.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri! Müzakirə olunan məsələ ilə bağlı mən də öz fikirlərimi bildirmək istəyirəm. Bu gün birinci oxunuşda qanun layihəsini konseptual baxımdan müzakirə edirik. Ona görə də mən maddələr üzrə danışmayacağam, bəzi maddələrə ümumi diqqət yetirəcəyəm. Hesab edirəm ki, ümumiyyətlə, qanunun özü lazımlıdır. Bu sahədə münasibətləri qanunvericilik qaydasında tənzimləməyə çox böyük ehtiyac var. Qanunun hazırlanmasında zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm.
Amma qeyd eləmək istəyirəm ki, burada bəzi məsələlərə millət vəkilləri xüsusi diqqət yetirməlidirlər. Bu ondan ibarətdir ki, biz Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə öz əmlaklarını, nəqliyyat vasitələrini, daşınar, daşınmaz əmlaklarını qorumaq üçün mühafizə xidmətindən istifadə etməyə imkan yaradırıq. Amma həmin şəxslərin, tutaq ki, özlərini qorumaq hüquqlarını tanımırıq. Yəni sovet dövründə, vaxtilə Cinayət Məcəlləsində şəxsiyyət əleyhinə olan cinayətlər mülkiyyət əleyhinə olan cinayətlərdən sonra gəlirdi. Burada da görünür, bu məsələyə köhnə sovet psixologiyasından yanaşılıb. Necə ola bilər ki, öz əmlakını qorumaq üçün özəl mühafizə xidmətindən istifadə edən sahibkar öz övladının qorunması üçün bundan istifadə eləməsin? Söhbət ondan gedir ki, çox sayda insana silah vermək olmaz. Bəli, qanunvericilikdə silah veriləcək şəxslərə qarşı qoyulan tələblər sərtləşdirilməlidir. Qoy onlar getsin, siyasi kurslarda təlim alsınlar, yalnız bundan sonra onlara lisenziya verilsin. Lakin heç kəs təminat vermir ki, Azərbaycanda yeni “Hacı Məmmədovlar” yaranmayacaq.
Siz bilirsiniz ki, onlar Azərbaycanda 10 il ərzində müxtəlif insanları oğurlayıblar. Cəmiyyətdə nə qədər narahatlıq var idi. Kimsə öz uşağından narahat idi, kimsə digər ailə üzvlərindən və sair. Cəmiyyət durduqca cinayətkar dəstələr də olacaq. Bu gün bir cinayətkar dəstə ifşa olunub, amma heç kim təminat verə bilməz ki, sabah belə cinayətkar dəstələr olmayacaq. Ona görə hesab edirəm ki, əgər belə bir qanun qəbul ediriksə, vətəndaşlara da belə bir hüquq verilməlidir.
İkinci mühüm məsələ ondan ibarətdir ki, xarici hüquqi şəxslər, xarici fiziki şəxslər Azərbaycan Respublikasına investisiya yatırsalar da, onların özəl mühafizə xidməti yaratmaq hüququnu tanımırıq. Əvvəla, qeyd eləyim ki, bu, Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Konstitusiyada qeyd olunur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Biz “Xarici investisiyaların qorunması haqqında” Qanun qəbul eləmişik. Həmin qanunun 5-ci maddəsində qeyd olunur ki, xarici hüquqi şəxslərin hüquqi rejimi Azərbaycan Respublikası vətəndaşlarının hüquqi rejimindən az əlverişli ola bilməz. Biz burada deyirik ki, Azərbaycan Respublikasının vətəndaşı, yaxud Azərbaycan respublikasının yaratdığı hüquqi şəxs, sən özəl mühafizə xidməti yarada bilərsən. Amma xarici vətəndaşa deyirik ki, sən yarada bilməzsən. Artıq burada diskriminasiya var. Biz “Xarici investisiyaların qorunması haqqında” Qanunda qeyd eləmişik ki, xarici investisiya qoyan şirkətlər üçün əlverişli şərtlər müəyyənləşə bilər. Ona görə ki, onlar Azərbaycana investisiya yatırsınlar, Azərbaycanın iqtisadiyyatının inkişafına xidmət eləsinlər.
Oqtay müəllim, ümumiyyətlə, hüquqi şəxslərə özəl müəssisə xidməti yaratmağa səlahiyyət vermək dövlətçilik baxımından nə dərəcədə doğrudur? Biz gördük ki, “Azpetrol” dövlət çevrilişi eləməyə hazırlaşırdı. O özünün hər yanacaqdoldurma məntəqəsində bir mühafizə xidməti yaratsa idi, Azərbaycan üzrə hesablayanda bu az qala böyük bir ordu eləyirdi. Bundan dövlətə qarşı istifadə oluna bilərdi. Kim təminat verə bilər ki, sabah başqa bir şirkət eyni fikrə düşməyəcək? Ona görə də, məncə, hər şirkət özünün silahlı dəstəsini yaradacaq.
Mərhum Prezident Heydər Əliyevin Azərbaycana rəhbərlik elədiyi dövrdə bəlkə də əldə elədiyi ən böyük nailiyyətlərdən biri silahlı müxalifətin ləğv olunmasıdır. Bunu qeyd eləmək lazımdır. İndi imkan veririk ki, hüquqi şəxslər özlərinə silahlı dəstələr yaratsınlar. Mənə elə gəlir ki, biz bu məsələni növbəti müzakirəyə qədər gündəmdən çıxarmalıyıq. Bəli, xüsusi lisenziya əsasında ayrı-ayrı şəxslərə mühafizə ilə əlaqədar olaraq hüquqi şəxs yaratmaq səlahiyyəti verməliyik. Qoy hansı şirkət əmlakını mühafizə eləmək istəyirsə, getsin, həmin hüquqi şəxslə müqavilə bağlasın. Həmin hüquqi şəxsin də əsas işi mühafizə xidmətini həyata keçirməkdən ibarət olacaq və həmin hüquqi şəxsə başqa fəaliyyətlə məşğul olmaq qanunvericiliklə qadağan ediləcək. Qoy gəlsin, onun uşağını da qorusun, lazım gələrsə, əmlakını da qorusun. Amma biz gələcəkdə bir qrup hüquqi şəxsin hüququnu tanıyıb, onlara lisenziya verib, başqa şəxslərə verməyəcəyiksə, bu da ölkədə əlavə söz-söhbətə səbəb olacaq ki, niyə filan şirkətə bu hüquq verilir, bizə verilmir? Ölkə üçün əlavə problemlər yaranmış olacaq.
Ona görə də mən hesab edirəm ki, qeyd elədiyim məsələlər Milli Məclisdə ciddi müzakirə olunmalıdır və əlavə olaraq belə bir özəl mühafizə xidməti yaradılırsa, onların xidməti silahla təmin olunması məsələsinə baxmaq lazımdır. Çünki ov tüfəngi ilə mühafizə həyata keçirmək mümkün deyil. Bilirsiniz ki, indiki dövrdə cinayətkarlar ən mükəmməl silahlarla təchiz olunurlar. Biz mühafizəçi ilə cinayətkar dəstənin üzvlərini qeyri-bərabər vəziyyətdə qoymuş olacağıq. Ona görə də bu məsələyə diqqət yetirmək lazımdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E. Axundova. Çox sağ olun, hörmətli Sədr. Mən də bu qanun layihəsini aktual və lazımlı hesab edirəm. Nəzərə alsaq ki, bu qanun layihəsi birinci oxunuşda müzakirə olunur, mən onun bəzi konseptual məqamlarına toxunmaq istərdim. Layihədə göstərilir ki, özəl mühafizə xidməti yalnız obyektlərin qorunması ilə, buraxılış və obyektdaxili rejimlərin təmin edilməsi və s. işlərlə məşğul olur. Ancaq bu obyektləri qoruyur. Lakin gördüyünüz kimi, özəl mühafizə təşkilatları fiziki şəxslərin və onların ailə üzvlərinin qorunması ilə məşğul ola bilməz. Biz bilirik ki, bununla dövlət mühafizə xidməti məşğul olur. Onlarda da xüsusi siyahılar var ki, konkret olaraq kimi mühafizə etmək olar. Bunlar da, əsasən, yüksək vəzifəli dövlət məmurlarıdır və onların mühafizəsi dövlət hesabına həyata keçirilir. Bu da qanunauyğundur. Amma mən hesab edirəm ki, hansısa biznesmen, iş adamı, deputat, fərqi yoxdur, istəyir ki, onun təhlükəsizliyi təmin olunsun. Buna görə özəl mühafizə təşkilatına müəyyən məbləğdə pul ödəməyə məcburdur. Buna icazə vermək olar. Biz icazə versək də, verməsək də, onsuz da varlı adamlar cangüdən saxlayır və ondan özünün və ailəsinin təhlükəsizliyi üçün istifadə edir. Biz hamımız belə faktlarla razılaşırıq. Belə olan halda vəziyyəti leqallaşdırmalıyıq. Bu insanlara leqal status almağa kömək etməliyik. Onda onlar leqal maaş ala bilər, onların iş stajı hesablanar, onlar dövlətə vergi ödəyər və sair. Bu da təzə iş yerlərinin açılması deməkdir. Bundan həm insanlara, həm də dövlətə xeyir gələr.
Mən başa düşürəm ki, burada bir sıra hüquqi məsələlər ortaya çıxa bilər. Məsələn, özəl mühafizə idarələrində işləyən cangüdənlərə silah saxlamaq hüququ vermək olar, ya yox? Ümumiyyətlə, qeyri-dövlət mühafizə təşkilatlarına yalnız obyektlərin qorunmasını həvalə etmək onların fəaliyyətini kəskin surətdə məhdudlaşdırmaq deməkdir. Mən bununla qətiyyən razı deyiləm.
İkinci məsələ – bir çox Avropa ölkələrində qeyri-dövlət təşkilatları var və onlara özəl əməliyyat-axtarış əməliyyatları aparmaq hüququ verilib. Rus dilində desək, “это – частные сыскные агентства, в которых работают частные детективы”. Azərbaycanda indi hüquq fakültəsini bitirən, işsiz qalan yüzlərlə, bəlkə minlərlə cavan, istedadlı adamlarımız var. İşləmək istəyirlər, bizdən iş tələb edirlər. Niyə biz bu sahədə Avropa ölkələrinin təcrübəsini öyrənmək və tətbiq etmək istəmirik? Nəyə görə əməliyyat-axtarış tədbirləri sırf dövlət inhisarında qalmalıdır? Elə məsələlər var ki, məsələn, ailə sirləri, adamların itkin düşməsi, özəl təşkilatlarda problemli münasibətlər, daxili problemlər, oğurluq hadisəsi və sair, onları dövlət orqanlarına yox, özəl detektivə tapşırmaq daha məqsədəuyğun olardı. Hər halda istərdim ki, mənim fikirlərim nəzərə alınsın və qanun layihəsinə müvafiq dəyişikliklər edilsin. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Elmira xanım. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, qanunvericilik boşluq olan ictimai münasibətləri vaxtında tənzimləməlidir. Qanun layihəsi bu baxımdan faydalıdır və mən öncə danışan həmkarlarımın da bir sıra fikirlərini dəstəkləmək istəyirəm. Xüsusilə qanun layihəsi hazırlananda məsələyə kompleks baxılmalıdır. Burada Elmira xanım səsləndirdi, mütləq detektiv haqqında da düşünməliyik. Çünki bunlar bir-biri ilə bağlı məsələlərdir.
Digər tərəfdən, layihədə göstərilən kimi yalnız hüquqi şəxslərin mühafizəsi məsələsi Azərbaycandakı real ictimai münasibətləri əks etdirmir. Yəni heç kimə gizli deyil ki, Azərbaycanda vəzifə, maddi imkan sahibi olan hər kəs əlində olan səlahiyyətdən istifadə edərək özünün mühafizəsini təmin edir. Yəni bunu dövlət hesabına təmin eləyir. Yəni kimsə aşpaz işlədirsə, kimsə özünün bağında, həyətində xidmətçi işlədirsə, onu dövlət orqanında hansısa işə rəsmiləşdirir, qeydiyyatdan keçirir. Faktiki olaraq özünün mühafizəsini ona aid olmayan adama tapşırır. Belə məsələlər onsuz da Azərbaycanın reallığıdırsa, bunu niyə leqallaşdırmayaq, niyə qanuniləşdirməyək? Pulu, imkanı olan adam mülkiyyətinin və özünün qorunması üçün bu işi görməlidir. Həm də bu qanunlar ona görə vacib sayılır ki, Azərbaycanda vətəndaşların, onların mülkiyyət təhlükəsizliyinin təminatı dövlət tərəfindən qoruna bilmir. Bu da heç kimə sirr deyil. Son hadisələr də bunu göstərdi. İnsanların başına gətirilən faciəli hərəkətlər də göstərdi ki, bu, dəqiq formada öz həllini tapmalıdır.
Mən hesab edirəm ki, bu məsələyə biz xüsusi diqqət yetirməliyik. Bu gün maddələr üzrə danışmaq istəmirəm, çünki məsələyə konseptual münasibət bildirməliyik. Özəl mühafizəçilərin xüsusi təlim keçməsinin müddəti və qaydaları haqqında dəqiq təlimat və ya əsasnamə formasında sənəd təqdim olunmalıdır. Digər tərəfdən, özəl mühafizə ilə məşğul olan şəxslərə də əgər səlahiyyət, silah verilirsə, onlar da polislər üçün nəzərdə tutulan eyni məsuliyyəti daşımalıdırlar. Əgər bu məsuliyyəti daşımayacaqlarsa, onların mühafizə fəaliyyəti lisenziya ilə, hansı hüquqla verilirsə, bu hüququ polislə, başqa qurumların təmsilçiləri ilə bərabərləşdirmək lazımdır ki, onlar gələcəkdə məsuliyyət daşıya bilsinlər. Özəl mühafizə sistemi yarandıqca polislərin sayı azalmalıdır.
Azərbaycanın ən ciddi problemlərindən biri uniforma problemidir. Azərbaycanın ən ciddi problemlərindən biri ayrı-ayrı strukturlarda istintaq idarələrinin yaranması problemidir. Bunu mərkəzləşdirmək lazımdır. Bunu mərkəzləşdirmədən hər kəs öz nazirliyində idarə yaradacaqsa, bu həm cinayətlərin, həm də qanunazidd hərəkətlərin açılmasına mane olacaqdır. Ona görə hesab edirəm ki, onların davranışı da polislərin davranışına bənzəməlidir. Elə olmalıdır ki, məsuliyyəti ikisi də eyni qaydada daşıya bilsinlər. Uniforma məsələsinə də diqqət eləmək lazımdır. Hər bir qurumun öz uniforması var. Vergi yığandan meşəbəyinə, ədliyyə işçisindən prokurora qədər hamı uniforma daşıyır. Sanki Azərbaycan uniforma daşıyanlar ölkəsi kimi sivil ölkədən fərli bir mənzərə göstərir. Ona görə də burada bəzi strukturların bir-birinə uyğun cəhətləri var. Bunu ümumiləşdirmək lazımdır ki, çoxşaxəli uniforma məsələsi gündəmdən çıxsın.
Bir məsələyə görə də təşəkkürümü bildirmək istəyirəm. Hesab edirəm ki, Milli Məclisin praktikasında Fransa ilə bağlı məsələnin müzakirəsi yaxşı haldır. Bəzi məsələlər var ki, biz, millət vəkilləri, ona çox vaxt ayırırıq. Çünki onlar cəmiyyəti narahat eləyir. Bu gün Oqtay müəllim Fransa ilə bağlı bəyanat layihəsini qeyd elədi. Bunu vaxtında eləmək lazımdır ki, əsas işimizdən yayınmayaq.
Mətbuatla bağlı fəaliyyətdə də diqqətli olmalıyıq. Azərbaycanda jurnalistlərin həbs olunmasına, mətbuat orqanlarının bağlanmasına münasibət bildirməliyik. ANS-lə bağlı kampaniya başlanıb. Bunu dayandırmaq lazımdır. Artıq Azərbaycan Avropa dəyərlərinə yönələn bir ölkə kimi özünü təqdim etməlidir. Hesab edirəm ki, bu qanun layihəsi də bizim Avropa ölkəsinə çevrilməyimiz istiqamətində atılan bir addımdır. Bu istiqamətdə də işimizi davam etdirməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zahid Orucov.
Z. Orucov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən ilk növbədə, hörmətli Fazil bəyin fikirlərini davam etdirmək istəyirəm. Hörmətli Oqtay müəllim, mən də Sizə təşəkkür edirəm ki, xalqın narahatlığını bölüşürsünüz. Bu da özlüyündə parlamentin heyəti ilə sədarəti arasında hər hansı bir münaqişəyə çevrilmir. Mən düşünürəm ki, bu reaksiya, bu gün verilən bəyanat, əslində, Fransa parlamentinin qərarına uyğun deyil. Biz başqa işlər görməliyik. Mənə elə gəlir ki, millətimiz bu gün parlamentdən bunları gözləyirdi.
Çox təəssüf ki, mən qanun layihəsi ilə bağlı müzakirələrin prosedurundan kənara çıxmış oluram. Mən də istəməzdim ki, qaydaları pozum. Sadəcə, iki əlavəni mütləq etməliyəm. Məsələ burasındadır ki, bu hadisənin birbaşa Azərbaycana da ziyan vurduğunu biz bilməkdəyik. Kimsə bizim hissə qapılaraq qərar verdiyimizi güman edirsə, yanılır. Çünki üç-beş gündən sonra biz arxayınlaşacağıq. Necə ki, iki il bundan əvvəl həmin qərar veriləndə üç gün narahat olduq, sonra arxayınlaşdıq. Sonra daha təhlükəli addımlar atılanda biz əsil faciənin nə olduğunu bilirik. Oqtay müəllim, mən nəyi təklif eləmək istəyirəm? Mən istərdim ki, kimlərəsə etiraz etməklə bərabər, ümummilli səviyyədə parlamentin üzərinə düşən işlərin siyahısını müəyyənləşdirək.
İkinci məsələ. Bəli, burada haqlı olaraq qeyd olundu ki, ANS ətrafında yaranmış vəziyyət müxtəlif qüvvələrin əlində…
Sədrlik edən. Mən üzr istəyirəm, başqa məsələlərə keçirsiniz. Xahiş edirəm, qanun layihəsi haqqında danışın. Davam edə bilərsiniz.
Z. Orucov. Çox sağ olun, cənab Sədr. Mən qısa olaraq qanun layihəsi ilə bağlı fikirlərimi demək istəyirəm. Düşünmürəm ki, bu, Azərbaycanda obyektlərin, yaxud şəxslərin qorunmasında dövlət orqanlarının, hüquq mühafizə orqanlarının fəaliyyətsizliyindən qaynaqlanır. Yəni bu, hüquq mühafizə orqanlarının fəaliyyətsizliyindən, ölkədə insanların, obyektlərin təhlükəsizliyinin təminatındakı zəiflikdən irəli gələn məsələ deyil.
İkincisi, burada deyilən fikirlərlə bölüşürəm ki, Azərbaycanın keçmişində baş vermiş bir sıra hadisələr, həqiqətən, bu məsələyə çox həssas mövqe tutmağımızı tələb edir. Bu həssaslıq da ondan ibarətdir ki, əgər hər bir qurum özünün istədiyi sayda mühafizə dəstələri götürərsə, bu ölkədə hərbiləşdirmə, silahlandırma siyasətinin aparılmasına hədsiz dərəcədə təkan verə bilər. Əgər silah verməyə məcbur oluruqsa, həmin silahların sayına qadağalar qoymalıyıq. Yox, əgər elə deyilsə, onda həmin qurumların götürə biləcəyi insanların sayı ilə bağlı məhdudiyyətlər qoymalıyıq.
Burada qeyd olundu ki, biz xaricilərin bu cür özünü mühafizə fəaliyyətini həyata keçirməsinə qadağalar qoymamalıyıq. Mən bunu qəbul etmirəm. Bu hər bir xarici qurumun ətrafında çox ciddi dəmir səddin yaranmasına və ölkə içərisində xarici qurumların silahlı qüvvələrinin olmasına aparıb çıxara bilər. Ona görə də mən bu fikri bölüşmürəm. Sadəcə, bu məsələ ilə əlaqədar mühafizə dəstələrinə götürüləcək şəxslərlə bağlı təlimatları və məhdudiyyətləri son dərəcə sərtləşdirmək lazımdır. Yəni təsadüfü, silahla davrana bilməyən şəxslərin bu məsələdən öz maraqları naminə istifadə etməməsi üçün həmin məhdudiyyətlər çox sərt olmalıdır. Azərbaycan vətəndaşının Amerika vətəndaşından fərqli olaraq, silahdan başqasına hücum üçün deyil, özünümüdafiə vasitəsi kimi istifadə etməsi üçün bir xeyli zaman keçməlidir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Milli Məclis! Mən başqalarının danışığına qulaq asanda hiss edirəm ki, ümumiyyətlə, burada mikrofonun səsi güclüdür. Ya bu səsi nizamlasınlar, ya da bizə nə etmək lazım gəldiyini izah eləsinlər ki, normal qulaq asaq. Belə səs adamları boğur, yəni dinləmək olmur. Nə isə, bu mənim əlavəmdir.
Hörmətli Sədr, mən yaz sessiyasında Milli Məclisə başqa bir qanun layihəsi təqdim eləmişdim. Keçən payız sessiyasında gündəlik müzakirə olunanda da bildirmişdim ki, həmin qanun layihəsini bu gün bizə təqdim olunan Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanun layihəsi ilə birləşdirmək lazımdır.
Dünyanın bir sıra ölkələrində, o cümlədən bizdə qanunvericilik bazası üçün təcrübə, nümunə rolunu oynayan bir sıra Avropa dövlətlərində və Rusiyada iki fəaliyyət növü birləşdirilib. Yəni özəl mühafizə fəaliyyəti ilə detektiv fəaliyyət növü birləşdirilib. Bu mənada məndən öncə çıxış edən Elmira xanımın və digər millət vəkillərinin fikirlərini tamamilə bəyənirəm. Azərbaycanda bir sıra əməliyyat tədbirlərinin yalnız dövlətin əlində cəmləşməsi bəzən qeyri-obyektiv nəticələrə gətirib çıxarır. Bu həm də hüquqşünasların fəaliyyət imkanlarını məhdudlaşdırır. Hüquq təhsili olan adamların yalnız bir yolu qalır – dövlət orqanlarına müraciət eləmək, orada işləmək. Halbuki onların sərbəst fəaliyyəti üçün şərait yaradılmalıdır. Bu həm də dövlətin yükünü yüngülləşdirər, bir sıra neqativ halların qarşısının alınmasına şərait yaranar. Çox istərdim ki, komissiya bizim təqdim elədiyimiz layihəni də öyrənsin. Daha doğrusu, onu mən hazırlamamışam, bizim hüquqşünaslar hazırlayıblar. Kifayət qədər peşəkarlıqla hazırlanıb. Bu iki qanun layihəsini birləşdirmək və növbəti müzakirəyə təqdim eləmək çox yaxşı olardı.
Mən də konkret olaraq maddələr barəsində danışmaq istəmirəm. Amma burada səslənən bir narahatlığa qatılıram. Müzakirələrdə xüsusi hazırlıq kursu keçməkdən söz düşdü. Bu da təzə bir bürokratik maneə yarada bilər. Mühafizəçi işləmək istəyən adamlar hansı kursu keçəcəklər? Varmı elə bir kurs? Bəlkə bunun əvəzinə yazaq ki, onlar xüsusi hazırlığı olan adamlar, məsələn, idmançılar olmalıdır. Onlar bu işə hazırdırlar. Onlara xüsusi kurs keçməyə ehtiyac yoxdur.
Sonra, silah məsələsi qeyri-müəyyəndir. Şükürlər olsun, elə təşkilatlarımız var ki, onlar öz mühafizəçilərinə tank da verə bilərlər, nə bilim, top da verə bilərlər. Eləsi var ki, heç ov tüfəngi də yoxdur. Ona görə də burada bir sistem olmalıdır. Güman eləyirəm ki, hərə çiyninə bir ov tüfəngi qoyub gəzsə, doğru olmaz. Şübhəsiz, bunun bir ölçüsü olmalıdır, müəyyən məhdudiyyət qoyulmalıdır. O da burada müəyyənləşməyib.
Sonra, həmkarlarımın başqa bir narahatlığına mən də qoşuluram ki, burada heç bir say göstərilməyib. Elə təşkilatlar var ki, onun 100-200 mühafizəçi saxlamağa imkanı var. Elə müəssisə də var ki, iki nəfər saxlamağa imkanı yoxdur. Ona görə də burada bir müəyyənlik olmalıdır. Yəni özbaşına olsa, Azərbaycan bütövlükdə xüsusi müəssisələrin mühafizəçiləri respublikasına çevrilər. Bu da ölkənin təhlükəsizliyi üçün ciddi bir maneəyə çevrilə bilər. Bir sözlə, layihədə bəzi mübahisəli məqamlar var. Yəqin ki, bunlar müzakirə zamanı deyiləcək. Burada mühafizəçilərin iki kateqoriyalı insanlardan başqa hamısını yoxlamaq hüququ qeyd olunur. Nizami müəllim dedi, ona ciddi baxmaq lazımdır.
Sonra, adamlara fiziki qüvvə tətbiq etməklə saxlamaq hüququ. Məncə, layihədə “saxlamaq hüququ” deyəndə bütün hüquqlar nəzərdə tutulur. Biz qabaqcadan layihədə fiziki qüvvə sərf eləməyi xüsusi qabartmaqla artıq mühafizəçilərə bir kobudluq haqqı veririk. Məncə, qanun layihəsində bu cür məsələlər tənzimlənməlidir.
Hörmətli Sədr, mən də təşəkkürümü bildirirəm ki, Siz həm keçən dəfə, həm də bu dəfə millət vəkilləri Avropada gedən və məncə, Türkiyəyə yox, əslində, Azərbaycana qarşı yönəldilmiş “erməni soyqırımı” iddiasını ortaya atmaqla Qarabağ məsələsini unutdurmağa çalışan siyasətə qarşı Azərbaycanın mövqeyini dilə gətirən kimi dəstəklədiniz. Bu gün də yenidən müzakirə açmadan ikinci bir sənədə razılıq verdiniz. Mən hesab edirəm ki, ölkə başçısının son bir necə çıxışında dediyi kimi, Azərbaycan parlamenti qanunvericilikdə də qabaqlayıcı siyasət aparmağı bacarmalıdır. Bəzi qərarları biz təzyiq qarşısında qalanda qəbul edirik. Onu biz qabaqcadan qəbul eləməliyik. Burada dəfələrlə deyildi, Xocalı soyqırımından başlamış bir sıra hadisələrə münasibətimizi bildirməliyik.
Burada Siz narazılığınızı bildirirsiniz, deyirsiniz ki, bu məsələni müzakirə eləməyək. Amma, doğrudan da, son vaxtlar Azərbaycan mətbuatına edilən təzyiqlər hamını narahat edir. Sabah Avropa tələb edəndən sonra biz deyəcəyik ki, ANS-ə qarşı niyə....
Sədrlik edən. Sabir müəllim, gündəlikdən danışın.
S. Rüstəmxanlı. Yekunlaşdırıram. Hesab edirəm ki, bu, xüsusi təklif deyil, xüsusi müzakirə də deyil. Mən, sadəcə olaraq, bu gün Fransa ilə bağlı Milli Məclisin tutduğu yolun həm də öz içərimizdə gedən proseslərə münasibətdə davam etdirilməsini istəyirəm. Bu bir cümlədir və bu bir cümlə Sizə ağırlıq edirsə, vaxtınızı alırsa, onda deməmək olar. Amma bunu deməyə mənim haqqım var. Təşəkkür edirəm.
Sədrlik edən. Mənə ağırlıq eləmir. Mən xahiş edirəm, gündəlik ətrafında danışın. Başqa söhbətlərə yer ayırsaq, gündəlikdəki məsələlərin müzakirəsinə vaxt qalmaz. 30-a yaxın adam çıxışa yazılıb. Nizami İsgəndərov, buyurun.
N. İsgəndərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Payız sessiyasında ilk çıxışım olduğuna görə mən bütün deputatları salamlayıram, uğurlar arzulayıram.
Bu gün Milli Məclisin müzakirəsinə çıxarılmış Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanun layihəsi vacib və aktual məsələdir. Bu qanun layihəsinin qəbul olunmasına səs verəcəm və həmkarlarımdan da bu layihəyə səs verməyi xahiş edirəm.
Hörmətli cənab Sədr, hörmətli deputatlar, bu layihə ilə bağlı bir neçə məqamı nəzərinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, bu layihədə qeyri-dövlət (özəl) mühafizə müəssisəsinə sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul olmağa qadağa qoyulur. Layihənin digər maddəsində göstərilir ki, hüquqi şəxslər özəl mühafizəni təmin etmək məqsədi ilə xüsusi lisenziya almaqla mühafizə bölməsi yarada bilər. Sual olunur: əgər istənilən şəxs mühafizə bölməsi yaradırsa, onda qeyri-dövlət (özəl) mühafizə müəssisəsi ilə hansı şirkətlər müqavilə bağlayacaq? Sahibkarlıq nöqteyi-nəzərindən həmin şirkətin rentabelli işləməsi sual altında qala bilər. Mən bu layihədən hüquqi şəxslərin mühafizə bölməsi yaratması ilə bağlı maddənin çıxarılmasını təklif edərdim. Çünki həmin maddələr bir-birinə ziddiyyət təşkil edirlər. Layihədə bir çox mühafizə xidmətləri nəzərdə tutulduğu halda hüquqi və fiziki şəxslərin şəxsi mühafizəsi nəzərdə tutulmayıb. Mən bu maddənin də layihəyə salınmasını nəzərdə tutmağınızı xahiş edərdim. Əgər buna müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət olunacaqsa, mühafizəçinin mülki silahdan yox, şəxsin və obyektin təhlükəsizliyini təmin etmək məqsədi ilə xidməti odlu silahdan istifadəsini təklif edərdim. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əvvəlcə, mən bu qanun layihəsini hazırlayan insanlara minnətdarlıq edirəm. Amma biz bir az real olmalıyıq. Bu gün biz elə bir sənədi müzakirə edirik ki, o bizim həyatımızda baş verən hadisələri tənzimləyəcək. Əgər biz bu sənədi hazırlayırıqsa, o, dolğun olmalıdır. Heç kəsə sirr deyil ki, bu gün imkanı olan şəxslər təkcə obyektlərinin deyil, öz ailə üzvlərinin də, özlərinin də mühafizəsini təmin edirlər. Əgər bu, cəmiyyətdə varsa, o adamlara əmək haqları da verilir. Bu əmək haqları vergidən yayındırılır, çünki rəsmiləşdirilməyib. Biz silahdan çox danışdıq. Bu adamların əksəriyyətinin üzərində silah da olur. Qeyri-qanuni də olsa, onlar bu fəaliyyəti göstərirlər. Qanun çərçivəsində bütün məsələlər tənzimlənməlidir. Burada, sadəcə, obyektlərin qorunmasına yox, eyni zamanda, şəxslərin, onların ailə üzvlərinin qorunmasına da icazə verilməlidir. Biz buna qanunla icazə verməsək belə, necə ki, indiyə qədər həyatda var, bundan sonra da davam edəcək. Ona görə də hesab edirəm ki, biz bu qanunu dolğunlaşdırmalı, reallığa uyğunlaşdırmalıyıq.
Silahla bağlı burada deyildi. Hər hansı bir obyektin, şəxsin silahsız qorunması ciddi polemika açacaq. Əgər hüquqi şirkətlər, hüquqi şəxslər özəl mühafizə fəaliyyətini həyata keçirəcəksə, deməli, Daxili İşlər Nazirliyində qeydiyyatdan keçməklə, həmin şirkətlərə, yəni hüquqi şəxslərə silah verilə bilər. Heç olmasa, bu, leqal şəkildə olur. Qeyri-leqal şəkildə, gəlin, açıq danışaq, bu silahlar var. Mühafizəçilər də istifadə eləyir, cangüdənlər də. Amma biz bunu daha ciddi şəkildə leqallaşdıra bilərik.
İkinci məsələ geyim forması ilə bağlıdır. İstərdik ki, Əli müəllim məsələyə münasibətini bildirsin. Ümumi bir geyim forması qəbul olunmalıdır. Özəl mühafizə ilə bağlı hər kəs o qədər savadlı deyil, hər kəs o qədər məlumatlı deyil. Bu geyim formasından sui-istifadə halları da olur. Ona görə də bu, cəmiyyətə təqdim olunmalıdır, təbliğ olunmalıdır. İnsanlar bilməlidir ki, bu hansı xidmətlə bağlıdır.
Detektiv fəaliyyəti haqqında qanun layihəsi barədə danışıldı. Buna xaricdə ikitərəfli yoxlama, araşdırma deyirlər. Gələcəkdə xüsusi bir qanun layihəsinin qəbul olunmasına, məncə, ehtiyac yoxdur. İkinci dəfə bu sənəd müzakirədən sonra yenidən təkmilləşməyə gedəcək, yenidən üstündə işlənəcək. Həmin müddəaları bura salmaqla sənədi təkmilləşdirmək olar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün bizim müzakirəmizə təqdim olunan qanun layihəsi aktualdır. Aktuallığı ondan ibarətdir ki, Azərbaycanda mülkiyyət münasibətlərinin inkişafı və özəl mülkiyyətin inkişaf etməsi reallıqdan çıxış edərək belə bir sənədin ortaya çıxmasına şərait yaradır. Ümumiyyətlə, mən hüquqi dövlətin atributlarından ikincisinə toxunmaq istərdim. Birincisi, vətəndaşın, insanın hüquqlarının qorunmasıdır, ikincisi, mülkiyyətin toxunulmazlığı və mülkiyyətin qorunmasıdır. Bu baxımdan təqdim olunan qanun layihəsində mülkiyyətin mühafizəsi və onun qorunması, özəl sektorun inkişafı təqdirəlayiq haldır. Qanunun əsas istiqamətləri, mahiyyəti, onun mülkiyyətə doğru yönəlməsi çox gözəldir və təqdirəlayiqdir.
Burada mənim deputat həmkarlarım bunun fərdin özünə də yönəlməsinə aid çıxışlar etdilər. Mən bu məsələnin qəti şəkildə əleyhinəyəm. Hesab edirəm ki, bu məsələyə yanaşma fərdi olmaqla yanaşı, ictimai xarakter daşıyır. Azərbaycan mühitində dövlət tərəfindən mühafizə olunan şəxslərdən başqa digər şəxslərin cangüdən gəzdirməsi və fərdi qorunması ancaq şou xarakteri daşıyır. Azərbaycanda ictimai-siyasi sabitlik var. Bu, bilavasitə, insanlar arasında fərqlənmə dərəcəsini göstərir. O şəxslər ki dövlət tərəfindən mühafizə olunmalıdır, artıq bu, Konstitusiyada da öz əksini tapıb. O şəxslərin ki mühafizəsinə dövlət tərəfindən ehtiyac görülmür, onların mühafizəçi gəzdirməsi və mühafizə xidmətindən istifadə etməsi qeyri-qanunidir. Hesab edirəm ki, bunun qarşısı alınmalıdır. Biz müvafiq qanun layihələri qəbul etməliyik. Hər bir fərdin hüququ var ki, əgər həyatına təhlükə varsa, müvafiq orqanlara müraciət eləsin. Biz bu qanun layihəsində yazsaq ki, fərdlər də öz mühafizəsini təşkil etmək hüququna malikdir, onda çayxana müdirindən başlamış ən böyük şirkətin rəhbərinə qədər hamı yanında beş nəfər adam gəzdirəcək. Bunun həm sosial təminat məsələsi var, həm də gələcəkdə bunun həyatı və sağlamlığı üçün hər hansı bir təhlükə olduqda çox çətin bir vəziyyətə düşə bilərik. Ona görə də biz buna yol verməməliyik.
Müəssisələrə də toxunacağam. Qanunda düzəliş eləmək lazımdır. Müxtəlif ölkələrin təcrübəsini öyrənmişəm. Bir neçə ölkəni çıxmaq şərti ilə, qalan ölkələrdə hər hansı bir müəssisəyə ixtiyar verilmir ki, özünün mühafizə xidmətini yaratsın. Ümumilikdə, mühafizə yaradıla bilər. Bir neçə təşkilat müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçə bilər, həmin müəssisələrlə müqavilə bağlayıb onların mühafizəsini təşkil edə bilər. Azərbaycanda beş mindən artıq qeydiyyatdan keçmiş müəssisə, hüquqi şəxs var. Hər bir hüquqi şəxsin də mühafizə xidməti yaratmasına gəlincə, birinin maliyyə imkanları buna 5 il, başqasınınkı 3 il, digərininki 10 gün imkan verir. Sabah bu insanların taleyi necə olacaqdır? Qanun layihəsində göstərildiyi kimi əgər fiziki cəhətdən hazırlıqlı insanları bura cəlb ediriksə, onlar müəyyən müddət bu sahədə işləyir və öz ixtisaslarından uzaqlaşırlar. Müvafiq yaşa çatdıqdan sonra o, tələblərə cavab vermir və müəssisə rəhbəri məcbur olur ki, bunu pensiya yaşına çatmamışdan öncə tutduğu xidmətdən azad etsin. Bu insan nə ilə məşğul olacaq? Onda biz gələcəyin “rembo”larını yaradırıq ki, beş gün işsiz qalandan sonra qruplar yaradaraq dövlətin, cəmiyyətin, mülkiyyətin əleyhinə cinayətlər törətsin.
Mən hesab edirəm ki, bu, üç təşkilat ola bilər və dövlət tərəfindən qeydiyyatdan keçər. Bunun qeydiyyatdan keçməsinin əsas mənası ondan ibarətdir ki, tutaq, bir müəssisənin mühafizəsi üçün heç silah lazım deyil. Meşəçilik idarəsinin qorunması üçün bir ov tüfəngi vermək olar. Amma bankın mühafizəçisi başqa silahlarla təmin olunmalıdır. Biz əgər ixtiyarı mülkiyyətçinin öz səlahiyyətinə versək, sabah hərəsi öz imkanına görə müəssisənin qabağına bir tank, bir top, bəlkə də qırıcı təyyarə gətirib qoyacaq, şou göstərmək üçün istifadə edəcək. Ona görə hesab edirəm ki, bu, ayrı-ayrı müəssisələrin ixtiyarından alınaraq, ümumiləşməlidir və dünyanın bir çox ölkəsində belədir. Biz həmin ölkələrin təcrübəsindən bəhrələnərək qəbul etməliyik ki, bir neçə alternativ özəl mühafizə xidməti yarana bilər. Bu xidmətdən istifadə edərək hər bir şəxs, – kimə hansı qaydalar sərf edirsə, – müqavilə bağlayır və bu müqavilə əsasında öz müəssisəsinin mühafizəsini həyata keçirir.
Bir neçə məsələyə də toxunmaq istəyirəm. Burada detektiv xidmətlə əlaqədar fikir söylənildi. Hərdənbir seriyallara, kinolara baxırıq. Ondan həvəsə düşüb, detektiv xidmət fəaliyyəti haqqında qanunun qəbul olunmasını təklif edir və təcrübəsi olan-olmayan, ümumiyyətlə, bunun mahiyyətini anlamayan insanları bu işə cəlb etmək istəyirlər. Bunun da adını qoyuruq ki, iş yeri açılacaq, yaxud hüquq fakültəsini qurtaranlar işlə təmin ediləcək. Bu tamamilə fərqli yanaşmadır. Detektiv xidmət çox ciddi bir xidmətdir. Əməliyyat tədbiri dövlət tərəfindən həyata keçirilməlidir. Dövlət hər bir vətəndaşın təhlükəsizliyinin təminatçısıdır. Hər bir əməliyyat tədbiri də dövlətin müvafiq strukturları tərəfindən həyata keçirilir. Biz fərdlərə imkan yaradaq və fərdlər də detektiv fəaliyyətlə məşğul olmağa başlasın. Hansı qarşıdurmaların yaranacağının biz sonradan şahidi ola bilərik.
Ola bilsin, detektiv fəaliyyət haqqında məsələyə gələcəkdə qayıdacağıq. Bugünkü reallıq Azərbaycanda bu cür fəaliyyətə imkan vermir. Birincisi, kadr potensialı ilə əlaqədardır. Əgər kimsə polisdən qovulubsa, polisdən uzaqlaşıbsa, yaxud təqaüdə çıxıbsa, bu adamlardan istifadə etmək olar. Bu, çətin bir məsələdir. Amerika təcrübəsi göstərir ki, detektiv fəaliyyəti ilə məşğul olan insanlar sonradan cinayət fəaliyyəti ilə məşğul olurlar. Ona görə bu məsələyə yanaşma da ciddi şəkildə olmalıdır. Buna biz imkan verməməliyik. Gələcəkdə bu məsələyə baxıla bilər. O ki qaldı bu qanun layihəsinin qəbul olunmasına, mən deputat həmkarlarımı ona səs verməyə çağırıram, amma hesab edirəm ki, o dəyişməlidir. Biz hər bir müəssisəyə fərdi qaydada özünə mühafizə xidməti yaratmağa imkan verməməliyik.
Siyasi partiya rəhbərləri görürəm, bu məsələyə çox həvəslidirlər. Siyasi partiyaların funksiyası ictimaiyyətlə əlaqədə olmaq və ictimaiyyətin içərisində olmaqdır, onlarla görüş keçirməkdir. Əgər ictimaiyyətdən qorxursunuzsa, ictimaiyyətin nümayəndələri ilə əlaqə yaratmaq istəmirsinizsə, onda hansı siyasi fəaliyyətlə məşğul olursunuz? Əgər siyasi partiyanın rolu cəmiyyət və dövlət arasında münasibətləri tənzimləməkdirsə, onda siz niyə cəmiyyətlə cangüdənlər vasitəsi ilə təmasda olmaq istəyirsiniz? İstər siyasi partiyalar, istər ayrı-ayrı qurumlar, istərsə də dövlət təminatı olmayan şəxslər arasında fərq götürülməlidir. Elmira xanım qeyd etdi ki, bu artıq var, bunu leqallaşdırmaq lazımdır. Leqallaşdırmanın yolu ondan ibarətdir ki, qeyri-qanuni aparılan cangüdənlik fəaliyyəti dövlət tərəfindən ləğv olunmalıdır. Həmin şəxslər intizama dəvət olunmalıdır. Bir məsələni də qeyd etmək istəyirəm. Hələ indiyə qədər heç bir cangüdən heç kəsin həyatını xilas etməyib. Biz tarixə fikir versək, Reyqanın, təhlükəsizliyi ciddi mühafizə olunan Roma papasının və başqa insanların həyatında bunu görmək olar. Əgər bu adamları qoruya bilmədilərsə, biznesmeni, idarə müdirini, deputatı, zavod direktorunu hansı qaydada mühafizə edəcəklər? Bunların imkanları nədən ibarət olacaq? Ona görə də şoudan uzaqlaşaraq real işlə, mülkiyyətin mühafizəsi ilə məşğul olmaq daha məqsədəuyğun olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Ərəstun Cavadov.
Ə. Cavadov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsi ilə yaxından tanış olandan sonra belə bir nəticəyə gəlmək olar ki, bir sıra irad və təkliflər nəzərə alınmaqla bu qanun layihəsi normal hazırlanmışdır. Qanun layihəsinin 9.1-ci maddəsinin birinci cümləsində qeyd olunur: “Mühafizəçi vəzifəsinə 21 yaşına çatmış, mühafizəçilər üçün xüsusi hazırlıq kursunu bitirmiş Azərbaycan Respublikasının vətəndaşları qəbul olunur”. Təklif olunur ki, bu maddədə həmçinin mühafizəçi vəzifəsində işləmək hüququ olan şəxslərin son yaş həddi də müəyyən edilsin.
Qanun layihəsinin 9.4.4-cü maddəsində qeyd olunur: “Qəsdən cinayət törətməkdə ittiham olunan və qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxslər mühafizəçi vəzifəsinə qəbul oluna bilməz”. Təklif olunur ki, bu maddədə “məhkum olunmuş şəxslər” sözlərindən sonra “və məhkumluğu ödənilməmiş şəxslər” sözləri əlavə edilsin.
Qanun layihəsinin 18-ci maddəsi “Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq” adlanır. Həmin maddənin 1-ci bəndinə əsasən özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığın müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilməsi qeyd olunur. Təklif olunur ki, həmin maddədə xüsusi razılığın müvafiq icra hakimiyyəti orqanları tərəfindən maksimum hansı müddətə qədər verilməsi də qeyd olunsun. Yeni lisenziyanın qüvvədəolma müddəti qanunla tənzimlənsin. Hesab edirəm ki, bu qanun layihəsinin lehinə səs vermək məqsədəuyğundur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mirkazım Kazımov.
M. Kazımov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilən bu qanun layihəsi özəl sektorda yeni fəaliyyət sahəsi olan mühafizə xidmətini tənzimləyən əsas qanunvericilik aktıdır. Layihənin mətnindən göründüyü kimi, o, əsasən, özəl mühafizə sahəsinin hüquqi tənzimlənməsini əhatə edir. Layihənin müəllifləri onu mükəmməl hazırlamış, bu sahədə müəyyən ölkələrin təcrübəsindən istifadə etmişlər. Məlum olduğu kimi, özəl sektorun fəaliyyəti yeni olduğundan onu tənzimləyən milli qanunvericilik aktımız hələ mövcud deyildir. Bu baxımdan bu qanun layihəsinin qəbulu çox vacibdir. Lakin elə qanun qəbul etməliyik ki, onun tətbiqi özəl sektorun fəaliyyəti üçün sadələşdirilmiş şərait yaratsın. Elə etmək lazımdır ki, bu sahəyə yersiz bürokratik müdaxilələr minimuma endirilsin, burada fəaliyyət göstərən hüquqi şəxslərə daha çox münbit şərait yaratmaq mümkün olsun. Bütün bu məsələlər layihənin ikinci oxunuşu zamanı nəzərə alına bilər. Yəqin ki, millət vəkilləri dəyərli təkliflər verəcəklər. Mənim də ikinci oxunuşda konkret maddələrə əlavələrim olacaqdır. İndi isə qeyd etməliyəm ki, müzakirə olunan sənəd birinci oxunuşun tələblərinə cavab verir və onun qəbul olunmasını təklif edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Ülvi Quliyev.
Ü. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirəmizə təqdim olunan bu qanun layihəsi çox vacib, aktual və lazımlıdır. Mən hətta deyərdim ki, qanun layihəsini zaman etibarı ilə bir az gecikmiş saymaq daha düzgün olardı. Çünki layihədə əhatə olunan ictimai münasibətlər artıq 10-15 ildir ki, ölkəmizdə mövcuddur. Qanun layihəsi ilə bağlı mən bəzi təkliflərimi vermək istərdim. 5-ci maddədə özəl mühafizə fəaliyyətinin xidmət növlərindən söhbət gedir. Məndən əvvəl çıxış edən bəzi deputat həmkarlarım da bunu qeyd etdilər. Burada obyektlərin mühafizəsi nəzərdə tutulur, amma fiziki şəxslərin mühafizəsi nəzərdə tutulmur. Yaxşı olardı ki, bu da qanun layihəsinə əlavə olunsun. Mən çıxışımın əvvəlində də qeyd etdim, bu ictimai münasibətlər artıq uzun müddətdir ki, mövcuddur. Fiziki şəxslərin mühafizəsini bura əlavə etməklə biz bu fəaliyyəti artıq leqallaşdırmış olarıq.
Ümumi şəkildə qanun layihəsi ilə tanış olduqda belə bir təsəvvür yaranır ki, özəl mühafizə fəaliyyəti dövlətin mütləq nəzarəti altındadır. Bəli, bu elə bir fəaliyyət növüdür ki, dövlət buna mühafizə orqanları tərəfindən nəzarət etməlidir. Çünki burada mülki silahdan, xüsusi vasitələrdən, xüsusi geyim formasından istifadə olunur. Bu, xüsusi fəaliyyət növü olduğuna görə dövlətin nəzarətində olmalıdır. Digər tərəfdən, biz unutmamalıyıq ki, bu həm də sahibkarlıq fəaliyyətidir. Sahibkarlıq haqqında kifayət qədər qanun qəbul etmişik. Ona görə də çalışmalıyıq ki, sahibkarlıq fəaliyyətinə müəyyən müdaxilələr olmasın, məhdudiyyətlər qoyulmasın. Amma burada bəzi maddələrdə göstərilir ki, işə götürəndə, tibbi müayinədən keçəndə, mühafizəçilərin say tərkibi müəyyənləşdiriləndə müvafiq icra hakimiyyəti orqanları ilə məsləhətləşmək lazımdır. Bu isə sahibkarlıq fəaliyyətinə müəyyən müdaxilələrə, müəyyən məhdudiyyətlərə gətirib çıxarır.
Məndən əvvəl çıxış edən deputat həmkarlarım xarici ölkə şirkətlərinin bu fəaliyyətlə məşğul olmasına öz münasibətlərini bildirdilər. Mən də bununla bağlı öz fikrimi bildirmək istərdim. Xarici ölkə şirkətlərinin bu fəaliyyətlə məşğul olması qətiyyən düzgün deyil. Bu mənim fikrimdir.
Mən sizə bir misal deyim. Enerji daşıyıcıları sahəsində imzalanmış sazişlərə əsasən enerji infrastrukturu obyektlərinin mühafizəsinin təşkili yalnız Azərbaycan Respublikasının dövlət qurumlarına həvalə oluna bilər. Buna baxmayaraq bir çox xarici mühafizə şirkətləri ilə müqavilələr bağlanıb. Bu müqavilələr əsasında dövlət büdcəsindən külli miqdarda vəsait xərclənir. Ona görə də yaxşı olardı ki, xarici şirkətlərin bu fəaliyyətlə məşğul olması qadağan olunsun. Qanun layihəsində kifayət qədər təkrarçılığa yol verilir. Yəqin ki, ikinci oxunuşda maddələr ayrı-ayrılıqda müzakirə olunanda fikirlərimizi bildirəcəyik. Amma qanun layihəsi konseptual baxımdan bütün tələblərə cavab verir. Mən bu qanun layihəsinin lehinə səs verəcəyəm və deputat həmkarlarımı da bu qanun layihəsinin lehinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Həm qanun layihəsinə baxarkən, həm də buradakı çıxışları dinləyərkən məndə belə bir təsəvvür yaranır ki, burada üç müxtəlif xidmət qarışdırılır. Yəni biz hələ sovet dönəmində müxtəlif filmlərdə görürdük ki, qoca kişilər əlində bir ov tüfəngi gözətçilik edir. Bu indi də qalmaqdadır. Şübhəsiz, bir sıra obyektlərin, o cümlədən özəl obyektlərin mühafizəsi üçün mühafizə bölməsinin rəhbərinin mütləq ali təhsilli olmasının, xüsusi hazırlıq keçməsinin əhəmiyyəti yoxdur. O zaman belə keyfiyyətlər tələb olunmurdu, indi də tələb olunmur. İkincisi mühafizə xidmətidir ki, bizim bugünkü müzakirə etdiyimiz qanun layihəsinin predmetidir. Üçüncüsü təhlükəsizlik xidməti ilə bağlıdır. Təhlükəsizlik xidməti mühafizə xidmətindən bir qədər fərqlənir. Təəssüf ki, qanunlarda hər üç funksiya bir-biri ilə qarışdırılıb, bir yerdə verilib və müxtəlif mübahisələrin, diskussiyaların yaranmasına səbəb olub.
Burada mülkiyyətlə bağlı müxtəlif fikirlər səsləndi. İnsanın ən böyük mülkiyyətindən biri maddi mülkiyyətdir, yəni öz bədənidir. Məsələn, maşının mühafizəsinə hüquq vermək, amma özünün mühafizəsinə hüquq verməmək ziddiyyətli məsələ kimi meydana çıxır. Hər halda bu məsələni də həll etmək lazımdır. Əks təqdirdə başqa ziddiyyətlər yaranır. Daşınar əmlakın mühafizəsi nəzərdə tutulur. Özəl müəssisənin rəhbəri bahalı avtomobilinə mühafizəçi tutur. Həmin avtomobil də özəl müəssisənin mülkiyyətindədir. Bu məsələləri qanun layihəsini hazırlayanlarla müzakirə etmək lazımdır. Vaxt var, ikinci oxunuşda bu məsələlərə aydınlıq gətirilə bilər.
Konseptual baxımdan Əli müəllim burada belə bir fikir ifadə etdi, biz də buna diqqət yetirməliyik. Söhbət heç də deyildiyi kimi, yeni mühafizə xidməti üçün əlverişli şərait yaratmaqdan yox, bu sahənin dövlət tərəfindən tənzimlənməsindən gedir. Prinsipcə, hesab edirəm ki, mühafizə xidmətinin dövlət orqanları tərəfindən tənzimlənməsi sahəsində belə bir qanunun qəbul edilməsinə ehtiyac var. Bu cəhətdən qanunun bu konsepsiyası ilə razıyam və hesab edirəm, bu, mühüm bir məsələdir.
Özəl mühafizə xidməti və başqa bu kimi adlar altında, faktiki olaraq, qeyri-qanuni silahlı dəstələr yaradılmasının, onlardan siyasi partiyalara, müxalifətə, kütləvi aksiyalar keçirilərkən bizə qarşı istifadə olunmasının şahidi olmuşuq. Əlbəttə, biz müxalifət olaraq maraqlıyıq ki, bu cür qeyri-qanuni fəaliyyətin bu və ya digər adlarla həyata keçirilməsinə yol verilməsin. İkincisi, bununla əlaqədar toxunmaq istədiyim və diqqətinizə çatdırmaq istədiyim məsələ ondan ibarətdir ki, həm dövlət orqanlarının mühafizə xidməti, həm də özəl müəssisələrdə mühafizə ilə məşğul olan şəxslər tərəfindən qəbula gələn vətəndaşların hüquqlarının tapdalanmasının şahidi oluruq. Qanunda mühafizəçilərin vətəndaşlar qarşısında vəzifələri dəqiq müəyyən olunsun ki, onların hüquq və azadlıqlarının pozulması halları baş verməsin.
Burada belə bir müddəa var. Səhv etmirəmsə, buna Nizami müəllim bir qədər başqa aspektdən toxundu. Həmin mühafizə xidmətinin işçilərinin əraziyə daxil olan şəxslərin əşyalarını gözdən keçirmək hüququ vardır. Biz Azərbaycan reallığında bu gözdən keçirmənin nə ilə nəticələnəcəyi barədə düşünməliyik. Yəqin ki, Əli müəllim müəyyən məsələlərə aydınlıq gətirəcək. Bu “gözdən keçirmək hüququ” bir ifadədirmi? Bunun axtarışdan fərqi nədən ibarətdir? Məsələn, biz birinci iclasa gələrkən dövlət başçısı burada olduğuna görə, təbii ki, mühafizə xidməti, təhlükəsizlik xidməti iş aparırdı. Bu təbiidir. Amma deputatların çantalarının axtarılması baş verirdi. Biz buna etirazımızı da bildirmişdik. Ona görə bu axtarış və gözdən keçirmək məsələlərinə aydınlıq gətirilməlidir. Nəinki dövlət başçısının iştirak elədiyi tədbirlərdə, ümumiyyətlə, firmanın və ya özəl müəssisənin rəhbərinin qəbulunda həm deputatların, həm də adi vətəndaşların bu cür axtarışlara, bəzən təhqiramiz axtarışlara məruz qalması ciddi məsələdir.
Sonda, xahiş eləyirəm, hörmətli Oqtay müəllim “ANS” sözü gələn kimi mikrofonu söndürməsin. Biz, “Müsavat” deputat qrupu olaraq, beş nəfər ANS-ə qarşı yaranmış bu problemlə bağlı ciddi narahatlığımızı bildiririk. Xahiş edirəm, bunu deputat sorğusu kimi qəbul eləyəsiniz, bu məsələnin araşdırılmasını təşkil edəsiniz. Azərbaycanın ilk müstəqil telekanalının ətrafında baş verən hadisələr cəmiyyəti və bizi ciddi şəkildə narahat edir. Biz birmənalı şəkildə ANS-ə qarşı bu cür təqiblərin dayandırılmasını xahiş edirik. Xahiş edirik ki, bu məsələ tezliklə həll edilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Oqtay müəllim “ANS” sözündən qorxmur, çəkinmir. Mən Sizə dedim ki, gündəlik ətrafında danışın. Deputat sorğusu verməyə Sizə heç kim maneçilik eləmir. Verin, amma çıxış edəndə gündəlikdən danışın. Mənim tələb elədiyim budur. Heç kimdən nə qorxur, nə də çəkinirik. Xahiş edirəm, populist çıxışlardan da bir az əl çəkin. Nəsib Nəsibli.
N. Nəsibli. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, çıxışların əksəriyyətində bu qanuna böyük ehtiyac olduğu qeyd olundu. Göstərildi ki, mövcud vəziyyəti nizamlamaq üçün bu qanuna böyük ehtiyac var. Əslində bu, mövcud məsələləri leqallaşdırmaq cəhdidir. Mənə elə gəlir ki, bir çox millət vəkilinin toxunduğu bir məsələyə, yəni mühafizə olunan obyekt məsələsinə yenidən baxılmalıdır. Çünki gec-tez fiziki şəxslərin mühafizəsi ilə bağlı qanun layihəsi də ortaya çıxacaq. Olmazmı, bunu elə bir qanun layihəsində həll edək. Yəni fiziki şəxslərin mühafizəsi də bu qanun layihəsinə əlavə olunmalıdır.
İkinci məsələ çox sual doğuran bir məsələdir. Başqa qanun layihələrinin başlıqlarında da göründü. Sual ondan ibarətdir ki, başlıq, adətən, yazı mədəniyyətinin qaydasına görə çox lakonik olmalıdır. Burada mötərizədə “özəl” sözü verilir. Sonra mətndə “özəl mühafizə xidməti” gedir və “qeyri-dövlət” sözü gəlir. Əgər bu sinonimdirsə, lazım deyil. Əgər izahedici sözdürsə, yenə lazım deyil. Xüsusən, nəzərə alsaq ki, mətndə elə “özəl xidmət” gedir, başlığı dəyişdirmək lazımdır. Bir nəfər də dedi, burada təkrarlar var. Hərçənd ki, bu, ikinci oxunuşun mövzusudur, amma onu komissiya sədrinin diqqətinə çatdırmaq istəyirəm. Mənə elə gəlir ki, 12.2 ilə 11.13-cü maddələr təkrardır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün təqdim olunan qanun layihəsi mühüm bir sənəddir. Çünki bu qanunla mövcud olan vəziyyət əslində hüquqi çərçivəyə salınır. Bu gün onsuz da müəssisələrin yaratdığı, qanunla tənzimlənməyən müəyyən təhlükəsizlik və mühafizə xidmətləri artıq mövcuddur. Mən düşünürəm ki, bu qanunun əsas ideyası məhz Azərbaycanda bu fəaliyyətin hüququ sistemini yaratmaqdan ibarətdir. Bununla bağlı bir neçə fikri ifadə etmək istərdim. Bir təhlükə var. Dövlət müəssisələrinin özəl mühafizə xidmətləri sazişlər, müqavilələr əsasında fəaliyyət göstərir. Bir sıra iri dövlət müəssisələrinin müəyyən mühafizə xidmətləri var. Özəl mühafizə xidmətləri ilə müqavilələr əsasında istisna deyil ki, büdcə vəsaitlərinin məhz özəl şirkətlər vasitəsi ilə qeyri-ünvanlı istifadəsi üçün təhlükə yarana bilər. Mən istərdim ki, bu qanun layihəsində bu cür təhlükənin qarşısını alan müəyyən məqamlar olsun.
Qanunun adı ilə bağlı düşünürəm ki, müəyyən qədər qeyri-dəqiq ad təklif olunur. “Qeyri-dövlət” sözünün özəl mühafizə xidməti istiqamətində istifadə zərurətini mən anlaya bilmirəm. Qeyri-dövlət olmadığını biz burada nəyə görə ifadə eləyirik? Söhbət özəl mühafizə fəaliyyətindən gedirsə, elə bunu biz belə də adlandıraq: “Özəl mühafizə fəaliyyəti haqqında” qanun. “Qeyri-dövlət” sözünü bu qanunun adından çıxarmağı daha məqbul hesab edərdim.
Bir məsələyə xüsusi diqqət yetirmək istərdim. Azərbaycanda baş verən son ağır cinayət işlərini izləsək görürük ki, ən amansız qətllər, ən amansız ağır cinayətlər çox vaxt xarici vətəndaşlar tərəfindən, yaxud xarici ölkələrin müəyyən xüsusi xidmət orqanları ilə əlaqədar olan insanlar tərəfindən həyata keçirilir. Bunu Hacı Məmmədovun və onun qrupunun məhkəməsi bizə göstərdi. 90-cı illərin əvvəlində Rusiya hərbi kəşfiyyatı ilə bağlı olan Ukuşovlar, kimlərsə Azərbaycanda əlində silah fəaliyyət göstərir. Mən çox istərdim ki, bu qanun məhz özəl mühafizə fəaliyyəti ilə məşğul olan xarici vətəndaşların fəaliyyətinə qadağa qoysun. Nə üçün? Çünki biz burada müəyyən cinayətlərdə əvvəlcədən məhkum olunmuş insanlara qadağa qoyuruq. Xarici vətəndaşlar haqqında məlumatımız yoxdur. Ona görə istisna deyil ki, bilavasitə qatı cinayətkarlara və ya xarici ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələrinə Azərbaycanda belə bir imkan yarada bilərik.
Bir məsələyə də diqqət yetirmək istərdim. Bizim qanunda söhbət ancaq hüquqi şəxslərin mühafizə xidmətindən gedir. Bəs nə üçün biz burada fiziki şəxslərin imkanlarını məhdudlaşdırırıq? Düşünürəm ki, bu istiqamətdə biz belə bir imkanı həm hüquqi şəxslərə, həm də fiziki şəxslərə verməliyik. Çünki çox vaxt biz görürük ki, Azərbaycanın hüquq mühafizə orqanları vətəndaşlarımızı kifayət qədər müdafiə eləyə bilmir. Onun üçün vətəndaşlarımızın öz mühafizəsini təşkil eləmək imkanı mütləq bu qanunda öz əksini tapmalıdır. Mən qanun layihəsində bir müsbət məqamı qeyd etmək istərdim. Silahları mühafizə xidmətlərinə verməmək. Bu çox düzgün qərardır. Beynəlxalq təcrübə göstərir ki, ölkədə nə qədər silah varsa, bu silah hansısa insanın ölümünə səbəb ola bilər. Çexovun məşhur kəlamını da burada xatırlatmaq olar. Dünyanın ən mütəşəkkil polisi Britaniya polisi hesab olunur. Britaniya polisinin ancaq xüsusi qruplarının silah gəzdirmək hüququ var. Paytaxtda və digər şəhərlərdə mühafizəni təşkil eləyən polislər öz peşəkarlığı və cəmiyyətdə olan hörmətlərinin hesabına sabitliyi qoruya bilirlər. Onlar ancaq mülki silah gəzdirirlər. Onun üçün düşünürəm ki, qanunda belə bir məqamı xüsusi vurğulamaq düzgün olardı. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bacardıqca çıxış edənlərin hamısına diqqətlə qulaq asdım. Fərqli mövqeyim belədir ki, ümumiyyətlə, bu gün bu qanun layihəsinə ehtiyac yoxdur. Çünki Azərbaycan Daxili İşlər Nazirliyinin Əsasnaməsinə görə mühafizə xidməti var. Hər bir vətəndaş üçün, istər hüquqi, istərsə də fiziki şəxs olsun, müqavilə əsasında mühafizə xidməti göstərilə bilər. Bunun müqabilində ödənilən pul dövlətə keçirilir, dövlət büdcəsindən kənarda saxlanılmır, vergilər ödənilir. Hazırda Daxili İşlər Nazirliyinin bu funksiyanı yerinə yetirən xüsusi qrupları var. İstər bank xidmətləri, istərsə də başqa orqanlar və s.
Niyə prinsipial olaraq bu qanun layihəsinin əleyhinəyəm? Ona görə ki, Azərbaycanın indiki ictimai siyasi vəziyyətində və Azərbaycanda baş verən hadisələr fonunda bu qanunun qəbul olunması ayrı-ayrı qrupların, ayrı-ayrı cinayətkar dəstələrin formalaşmasına əlavə stimul verəcək. Dünənə qədər pərakəndə formada fəaliyyət göstərən qruplar bu gün artıq bir yerə cəmləşə biləcəklər. Hətta mühafizə etdikləri adamların şantajı ilə, mühafizə etdikləri adamların həyatı üçün təhlükəli əməllərlə mütəşəkkil qaydada məşğul olacaqlar. Ənənəvi olsa da, mən də Hacı Məmmədovun məhkəməsindən misal gətirmək istəyirəm. Diqqət etsəniz, oğurlanan insanların böyük əksəriyyəti məhz daxili işlər orqanlarında bu və ya digər insanlarla ünsiyyətdə olmuş, zərərçəkənlərin hərəkət trayektoriyasından tutmuş maddi imkanlarının nə dərəcədə olmasına qədər məlumatlar öyrənilmiş, əksər hallarda həmin məlumatlar əsasında bu cinayətlər törədilmişdi. Sabah kim təminat verir ki, həmin qurumlar bu və ya digər şəkildə bu işlə məşğul olmayacaq? Çünki ənənə var və hələlik bizim inkişaf səviyyəmiz, siyasi durumumuz elə bir səviyyəyə çatmayıb ki, onlar bilavasitə dediyim qanundankənar əməllərlə məşğul olmayacaqlar.
İkincisi, bütün qanunları bu mühafizə xidmətləri bu və ya digər şəkildə pozacaqlar. Təsəvvür eləyin ki, bu gün icra hakimiyyətinin və ya hər hansı bir universitetin, bir özəl şirkətin mühafizə xidməti, hətta qeyri-qanuni mühafizə xidməti “İnformasiya əldə etmək haqqında” Qanunu pozaraq, jurnalisti, operatoru içəri buraxmır. Deyir ki, mən belə istəyirəm, bu cür də olacaq. Sabah millət vəkilini də bu qaydada həmin mütəşəkkil dəstə içəri buraxmayacaq.
Qanun layihəsinin ayrı-ayrı müddəalarında göstərilir ki, hansı halda silah tətbiq etmək zərurəti yarana bilər. Azərbaycanda qeyri-qanuni silah tətbiq eləyib, onu zərurət halına salmaq üçün bu və ya digər orqanlarla danışıq aparmaq çox asandır. Hüquq mühafizə strukturları ilə rahat şəkildə bunu təşkil etmək mümkündür. Məndən əvvəl deputat həmkarlarımdan bir qismi bu məsələyə toxundu. Heç uzağa getməyək. 1998-ci ildə Qələbə meydanında mitinqin dağıdılması zamanı hakimiyyət orqanları “AMAY” ticarət mərkəzinin qeyri-qanuni mühafizə dəstəsinin xidmətindən yararlanmışdır. Bu adamların hətta həbs olunması, onların mitinq iştirakçıları tərəfindən tutulması, təhvil verilməsi, sonunda cinayət işinin bağlanması ortada idi. İndi kim təminat verir ki, mövcud qurumların hamısında bu mühafizə xidmətləri yaradılmayacaq. Kim təminat verə bilər ki, sabah bu mühafizə xidmətlərindən təkcə müxalifət-iqtidar münasibətləri çərçivəsində yox, strukturlar arası münaqişə çərçivəsində istifadə olunmayacaq? Həmin mühafizə xidməti silah tətbiq edəcək və sonra silahın tətbiqini bu və ya digər yollarla əsaslandırmağa çalışacaq.
Müzakirə etdiyimiz layihə Azərbaycanda gələcəkdə qəbul oluna bilər. Bu gün ona elə bir ciddi ehtiyac yoxdur. Bu, ölkə üçün əlavə problemlər gətirəcək. Bu, strukturlarda, iqtisadi cəhətdən inhisarçı qruplar arasında, hətta siyasətin özündə belə çox ciddi problemlər yaradacaq. Buna görə də mən təklif edirəm ki, biz Daxili İşlər Nazirliyinin nəzdində olan mühafizə bölməsinə əlavə səlahiyyətlər verməklə onların dövlət xətti ilə mühafizəyə cəlb olunmasını təşkil edək. Oraya fiziki şəxsləri də, ayrı-ayrı dövlət orqanlarını da cəlb eləyə bilərlər. Məsələnin ikinci tərəfi də var. Məsələn, Qəbələ RLS-lə bağlı burada məsələ müzakirə olunanda mən dedim ki, İnformasiya mərkəzinin bu qədər silahlı qüvvə saxlamağa ixtiyarı yoxdur. Azərbaycanda kifayət qədər xarici şirkətlər var, onlar Azərbaycanın daxilində bu və ya digər şəkildə kifayət qədər mühafizə dəstəsi yarada bilərlər. Bizə məlum olmayan kriminallaşmış ünsürlərin həmin prosesə cəlbi ölkə üçün problemdir.
Bu qanunu qəbul etmək lazım deyil. Bu xidmət növünü geniş inkişaf etdirmək və bundan istifadə eləyən vətəndaşların hüquqlarına hörmət eləmək istəyiriksə, Daxili İşlər Nazirliyinin və ya bir başqa hüquq mühafizə orqanının nəzdindəki mühafizə xidmətinə bu və ya digər şəkildə geniş səlahiyyətlər verilməli, hüquqi və fiziki şəxslər isə ondan müqavilə əsasında faydalanmalıdırlar. Onda məsuliyyətin son anda kimin üzərində olmasına, silahla kimin hansı şəkildə davranmasına ciddi nəzarət olacaq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Olduqca maraqlı məsələni müzakirə eləyirik. Məsələnin özəlliyi bundadır ki, biz yeni yaranacaq və ya yaranması nəzərdə tutulmuş bir sahə üzrə deyil, artıq fəaliyyət göstərən bir sahənin hüquqi tənzimlənməsi üzrə sənəd qəbul edirik.
Azərbaycanda özəl mühafizə müəssisələri artıq mövcuddur və bu praktikadan yetərincə xəbərimiz var. İş burasındadır ki, onların fəaliyyətinin hüquqi tənzimlənməsinə çox böyük ehtiyac var. Çünki bu insanlar birbaşa hüquq mühafizə orqanları ilə bağlıdır. Onlar özəl hüquq mühafizə orqanı adlana bilər. Ən əsası odur ki, onlar silah gəzdirirlər. Bunların üzərində ictimaiyyətin hər hansı bir formada nəzarətinin olmasına çox böyük ehtiyac var. Hesab edirəm ki, komissiya və işçi qrupu qanun layihəsi üzərində çox ciddi işləyib. Bu sahədə olan praktikanı, eyni zamanda, normativ məsələləri çox düzgün qiymətləndirib. Bu baxımdan layihəyə ciddi iradım yoxdur. Ancaq layihə ilə tanışlıq məndə bir sıra suallar doğurdu. Mən komissiya üzvlərindən və komissiyanın sədri hörmətli Əli müəllimdən həmin suallara cavab verilməsini və ya mənim təkliflərimin ikinci oxunuş üçün layihədə nəzərə alınmasını xahiş edirəm.
Mən təklif edərdim ki, layihədə özəl mühafizə xidmətinin dövlət mühafizə müəssisələri ilə eyni hüquqa malik olması yazılsın. Çünki dövlət mühafizə müəssisələri mövcuddur və hər hansı bir müəssisəni özəl müəssisə ilə yanaşı, eyni zamanda, dövlət mühafizə edir. Bu baxımdan bunların hüquqlarının bərabər olması barədə bir bəndin ikinci oxunuş üçün layihədə olmasını çox istərdik. Hər hansı bir obyekt sahibi onların ikili, yəni həm dövlət, həm də özəl mühafizə müəssisəsi tərəfindən qorunması hüququna malikdirmi? Belə mühafizəyə icazə verilə bilərmi? Layihədə rast gəldim ki, mühafizəçilər müvafiq lisenziyaya malik olan özəl təhsil müəssisələri tərəfindən hazırlanırlar. Bunlar nəyə görə dövlət təhsil müəssisələri tərəfindən hazırlana bilməz? Nəyə görə şəxsi mühafizəçilərin hazırlanması hüququ məhz özəl təhsil müəssisələrinə verilir? Nəyə görə dövlət təhsil müəssisələri bu hüquqdan məhrumdurlar? Yalnız qəsdən adam öldürmə və ya qəsdən həyata qəsd etmə maddəsi ilə məhkum olunanlar deyil, ümumiyyətlə, məhkum olunanlardan mühafizəçi qismində istifadə edilməsi bir o qədər məqsədəuyğun deyil. Mən hesab edirəm ki, mənim bu fikrim mübahisə doğura bilər. Ancaq bununla belə, o fikirdəyəm ki, məhkum olunan şəxslərin mühafizəçi kimi istifadə edilməsi uğurlu addım sayıla bilməz. Çünki bu gün mühafizə olunan obyektlərin içərisində istehsal və xidmət sahələri var. Eyni zamanda, yaşayış sahəsi də var və hər birimiz öz ailəmizi, özümüzün taleyimizi vaxtı ilə məhkum olunmuş şəxslərin ümidinə buraxa bilmərik. Bu məqsədlə məsələnin bir qədər də araşdırılmasını vacib hesab edirəm.
Eyni zamanda, layihədə bildirilir ki, mühafizəçi işə girməmişdən əvvəl ruhi xəstə, alkoqolizmə, narkomanlığa düçar olmadığı haqqında tibbi yararlılıq barədə arayış təqdim etməlidir. Bu çox vacibdir. Amma mənə elə gəlir ki, mühafizəçilər təkcə işə girməzdən əvvəl yox, müəyyən zaman müddətində (bu bir ilmi olacaq, iki ilmi olacaq) işlədiyi müəssisəyə belə arayışlar təqdim etməlidirlər. Ola bilər ki, işə girməmişdən qabaq müəyyən naqis hərəkətlərdən uzaq olsun, amma işə girdikdən sonra buna düçar olsun. Ancaq qanunda bu tələb olmadığına görə onun belə bir arayış təqdim eləməsi vacib sayılmır. Müəyyən fəlakət baş verəndən sonra bunu araşdırmaqdansa, həmin mühafizəçilərin müəyyən vaxtdan sonra belə bir arayış təqdim etməsini vacib sayardım. Ümumiyyətlə, qanun layihəsini qəbul etmək üçün yararlı sayıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Adil Əliyev.
A. Əliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Belə bir qanunun qəbuluna, əslində, çoxdan ehtiyac var idi. Son illər ölkəmizdə vətəndaşlarımıza özəl mühafizə xidməti təklif edən qurumların sayı artıb. Əlbəttə, bunun müsbət tərəfləri çoxdur. Amma özəl mühafizə xidmətlərinin fəaliyyətinin indiyə qədər konkret qanunla tənzimlənməməsindən, bu sahədəki pərakəndəlikdən, nizamsızlıqdan doğan problemlər kifayət qədərdir. Biz elə etməliyik ki, müzakirəyə çıxardığımız qanun layihəsinin qəbulu problemləri yoluna qoysun, vətəndaşlarımız üçün əlavə çətinliklərə yol açmasın.
Hər birimizdə təəssüf doğursa da , bu faktdır ki, ölkəmizdə fəaliyyət göstərən özəl qurumların əksəriyyəti təhlükəsizliklərini mühafizə polisindən çox, özəl mühafizə xidmətlərinə etibar edirlər. Qanun layihəsinin müzakirəsi bizə belə bir sual üzərində ciddi düşünmək imkanı yaradır. Mühafizə polisinə bu inamsızlığın səbəbi nədir? Bunu şərtləndirən amillər nədir? İlk növbədə mühafizə polisinin məvacibinin kifayət qədər azlığı, kadrların düzgün seçilməməsi, ümumiyyətlə, bu kateqoriyanın polis sistemi daxilində sanki əhəmiyyətsiz bir struktur kimi diqqətdən kənarda qalması və sair. Hesab edirəm ki, dövlətçiliyimizin rəmzi sayılan polisin özəl xidmətlərlə rəqabətdə uduzub gözdən düşməməsi üçün mühafizə xidmətini həyata keçirən polis əməkdaşlarına diqqət artırılmalıdır. Təkcə mühafizə polisində yox, ümumiyyətlə, polis sistemində köklü islahatların aparılması vacibdir. Bu sahədə mövcud olan vəziyyət kökündən dəyişilməlidir.
Qanun layihəsinə bir neçə təklif və iradım var. Birinci iradım özəl mühafizəçilərə verilən müstəsna səlahiyyətlərlə bağlıdır. Vətəndaşlara qarşı fiziki güc, mülki silah, xüsusi vasitələr tətbiq etmək imkanının yaradılması nə dərəcədə düzgündür? Bizim üçün önəmli olan vətəndaşlarımızın hüquq və mənafelərinin qorunmasıdır.
Bu qanun layihəsinin ruhundan belə anlaşılır ki, biz özəl mühafizəçilərin timsalında sanki vətəndaşlarımıza qarşı qanuni qoçu dəstələri formalaşdırırıq. Bu cür maddələr çox olduğundan mən hamısını sadalamaq istəmirəm. Hesab edirəm ki, bu kimi detallar mütləq nəzərə alınmalıdır. Çünki heç bir qanun vətəndaşa xəsarət yetirilməsinə, döyülərək fiziki işgəncələrə məruz qalmasına, alçaldılmasına əsas yarada bilməz. Amma bu maddələr belə meyllərə yol açacaq. Bu qanun qəbul edilməmişdən onun ayrı-ayrı nümunələri ilə qarşılaşırıq. Digər tərəfdən 16-cı maddədən belə anlaşılır ki, “mülki silah” deyəndə burada odlu silahlar da nəzərdə tutulur. Kim təminat verə bilər ki, sabah həmin silahlar üzərində nəzarəti tam təmin etmək mümkün olacaq? Bu silahlar cinayət vasitələrinə çevrilməyəcək? Layihədə bəzi lüzumsuz maddələr də var. Məsələn, 11-ci maddənin 1.6-cı bəndində göstərilir ki, mühafizəçinin xüsusi geyim formasını mühafizə olunan obyektin hüdudlarından kənarda gəzdirməsi qadağandır. Belə çıxır ki, bu maddəyə nə dərəcədə əməl edildiyini nəzarətdə saxlamaq üçün ictimai yerlərdə patrul xidməti həyata keçirilməlidir. Bu maddəyə, təbii ki, ehtiyac yoxdur.
9-cu maddədə qəsdən cinayət törətməkdə ittiham olunan və ya qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxslərin mühafizəçi vəzifəsinə qəbuluna qadağa qoyulur. Keçmiş məhkumların cəmiyyətə adaptasiya olunması baxımından bu maddə o qədər də yerinə düşmür. Ümumiyyətlə, digər qanunvericilik sənədlərimizdən də bu cür məhdudiyyətlərin götürülməsi yaxşı olardı. Ona görə də bu maddə, heç olmasa, ən azı ilk dəfə məhkum olunmuş şəxslərə şamil edilməlidir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Həqiqətən də, biz bu gün çox vacib və maraqlı qanun layihəsini müzakirə edirik. Mənim həmkarlarım da dedilər, bu qanun layihəsində incə məqamlar var və gələcəkdə bunu nəzərə almalıyıq .
İlk növbədə bildirmək istəyirəm ki, Azərbaycanda özəl mühafizə xidməti yaradarkən onun rəhbərlərini, eləcə də, mühafizəçiləri biz dövlətçiliyə sədaqətinə görə işə qəbul eləməliyik. Elə bilirəm ki, burada ilk növbədə partiya mənsubiyyəti nəzərə alınmalıdır. Çünki bizim yaxşı xatirimizdədir ki, 1990-cı illərin axırlarında Azərbaycanda bir çox partiyaların silahlı dəstələri var idi və onlar bizim dövlətçiliyimizə qarşı çevrildilər. Bu gün də hər hansı mühafizə dəstəsinə adamları qəbul edərkən onların siyasi mənsubiyyətini nəzərə almasaq, ola bilər ki, gələcəkdə həmin mühafizə bölmələri, müəssisələri siyasiləşsinlər. Çünki bu gün Azərbaycanı sevməyən qüvvələr var və onlar gələcəkdə hər hansı bir hüquqi şəxsin adından özəl mühafizə müəssisəsi yarada bilər və bura dövlətçiliyə sədaqəti olmayan adamları qəbul edərlər.
İkinci, əgər siyasi mənsubiyyət nəzərə alınmasa, gələcəkdə hər hansı bir işçini oradan azad eləyəndə böyük bir haray-həşir salacaqlar ki, bu adamları siyasi mənsubiyyətinə görə azad edirlər. Mən elə bilirəm ki, bu çox vacib məsələdir. Digər bir məsələ mühafizəçilərin sosial müdafiəsi ilə əlaqədardır. Düzdür, onlar vəfat edəndə, yaralananda müəyyən sığorta ödənilir. Lakin onların gələcək taleyi ilə bağlı əsaslı maddə yoxdur. Onlar işə qəbul olunursa, bilmək istərdim, onların fəaliyyət dövrü fasiləsiz iş stajı hesab olunurmu? Yaxud onlar hansı əsaslarla təqaüdə çıxa bilərlər? Ona görə də onların sosial müdafiəsi məsələsi mütləq burada öz əksini tapmalıdır.
Bir məsələ də yaşla əlaqədardır. Biz aşağı yaş həddini 21 yaş götürmüşük. Amma yuxarı yaş həddi burada müəyyən olunmur. Ola bilsin ki, müəssisənin rəhbəri mühafizəçinin hüququnu pozsun, istənilən vaxt onu işdən çıxarsın. Onun gələcək taleyi necə olacaq? Ona görə də elə bilirəm ki, yuxarı yaş həddi də burada müəyyən olunmalıdır.
Digər bir təklifim ondan ibarətdir ki, – bayaq Siyavuş müəllim yaxşı dedi, – hər adama silah etibar eləmək olmaz. Burada mühafizə müəssisələrinin istehsal xarakteri, onun yeri, müəssisənin əhəmiyyətliliyi və digər meyarlar nəzərə alınmalıdır. Say məsələsi də nəzərə alınmalıdır. Ola bilsin ki, kiçik bir müəssisəyə 50-100 mühafizəçinin qəbul edilməsi gələcəkdə hansısa bir məqsədin yaranmasına şərait yarada bilər. Mənim qanun layihəsinə münasibətim müsbətdir və onun qəbul olunmasının tərəfdarıyam. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, qanun layihəsinə 19 millət vəkili münasibətini bildirdi. Həqiqətən, bu, lazımlı qanundur. Ona görə də müzakirəni geniş keçiririk. Ancaq bu qanun layihəsində ziddiyyətlər də çoxdur. Bu, birinci oxunuşdur, mən hesab edirəm ki, qanun layihəsini konseptual baxımdan qəbul eləmək olar.
Müzakirə zamanı suallar yarandı. Etiraz etmirsinizsə, Əli müəllimə söz verək, fikrini bildirsin. İkinci oxunuşda da bu qanun layihəsini maddə-maddə diqqətlə müzakirə edəcəyik. Buyurun, Əli müəllim.
Ə. Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Mənim müşahidəm onu göstərdi ki, bir həmkarımız istisna olmaqla, çıxış edən millət vəkilləri bu qanunun qəbul edilməsini zəruri hesab etdilər. Ona görə də hamınıza təşəkkür edirəm. Bu fikirlər, elə mənim öz fikrim də sadə bir məntiqdən doğur. Hüquqi dövlət quruculuğunun, azad bazar iqtisadiyyatının öz tələbləri var və bu tələblər ilk növbədə bu məntiqdən çıxış edir ki, mövcud boşluqlar, mövcud münasibətlər qanunla tənzimlənməlidir. Çıxışlarda qeyd olunduğu kimi, faktiki olaraq, biz bu gün artıq cəmiyyətimiz üçün günün reallığına çevrilmiş sahibkarlıq fəaliyyətini qanunla tənzimləyirik. Söhbət özəl mühafizə fəaliyyətindən gedir.
Qanunun adı ilə bağlı səslənmiş fikirlərlə əlaqədar qeyd etmək istəyirəm ki, ola bilsin, bu mənim məruzəmdəki nöqsanın nəticəsi oldu. Biz, sadəcə, bir variant təqdim edirik. Yəni qanunun adını millət vəkilləri müəyyənləşdirsinlər. Məsələn, “Özəl mühafizə xidməti” adlansın. Təbii ki, bu belə olacaq. Mahiyyət baxımından, məncə, tamamilə düzgün bir nəticəyə gəlirik ki, özəl mühafizə xidməti dövlət mühafizə xidmətlərinə alternativ xidmət kimi yaranmır və onu əvəz də etmir. Sadəcə, qeyd etdiyim kimi, iqtisadiyyatın qanunlarına uyğun olaraq, rəqabət sistemi olmalıdır. Bu baxımdan mühafizənin başqa bir xidmət növüdür.
Düşünürəm ki, qanunvericilik təşəbbüsünün subyekti tamamilə düzgün olaraq bu xidmətdə ancaq mülki silahdan istifadəyə yol verir. Millət vəkilləri başqa ölkələrin acı təcrübəsindən çox sayda praktik misallar da gətirdilər. Hesab edirəm ki, bu, tamamilə düzgün bir nəticədir. Xarici şirkətlərə özəl mühafizə xidmətlərinin yaradılması səlahiyyətinin verilməməsi ilə bağlı əksər millət vəkillərinin gəldiyi nəticə ilə mən də razıyam. Çıxışımda da qeyd etmişdim və hesab edirəm ki, bu, Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafına və tezliklə peşəkarcasına formalaşmasına xidmət edən bir nümunədir.
Özəl mühafizə fəaliyyəti sistemi ilə detektiv fəaliyyətin birləşdirilməsi, yaxud ayrıca bir qanunun qəbul olunması ilə bağlı fikirlər səsləndi. Cənab Sədr, müxtəlif ölkələrdə müxtəlif praktika mövcuddur. Mən bununla bağlı subyektiv fikrimi səsləndirə bilərəm. Düşünürəm ki, hələlik detektiv fəaliyyət və əməliyyat-axtarış fəaliyyətinin bu şirkətlərə verilməsi məsələsi gündəmdə durmamalıdır. Amma bu mənim subyektiv fikrimdir. Burada səslənən fikirlər, təbii ki, qanunvericilik təşəbbüsünün subyekti ilə bir daha müzakirə olunacaqdır.
Digər vacib məsələləri də həm işçi qrupunda, həm də qanunvericilik təşəbbüsünün subyekti ilə müzakirə etməliyik. Bu, hüquqi şəxslərə mühafizə bölməsinin yaradılması səlahiyyətinin verilməsidir. Burada da fikirlər haçalandı. İki müxtəlif fikir söyləndi. Təbii ki, bu da müzakirə obyekti olacaq. Üçüncüsü, qeyd etdiyim məsələlərdən biri də, – yenə fikirlər haçalandı, – fərdlərə mühafizə olunmaq səlahiyyətinin, hüququnun verilməsidir. Ona görə qeyd etdiyim üç mühüm məsələni qanunvericilik təşəbbüsünün subyekti ilə, həmçinin komissiyada işçi qaydasında bir daha müzakirə etməli olacağıq.
Bir qisim fikirlərlə tamamilə razıyam ki, bu xidmətdə fəaliyyət göstərənlərin geyim formaları ümumi olmalıdır. Təbii ki, fərqləndirici nişanları çıxmaq şərtilə. Düşünürəm ki, belə də olacaq. Bəri başdan deyirəm ki, qanun layihəsində özəl mühafizə fəaliyyətinin ümumi müddəalarını əks etdiririk. Təbii ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi təlimatlar qəbul olunacaq və həmin məsələlər orada öz əksini tapacaq. Bu xidmət növünün inkişafı ona gətirib çıxaracaq ki, “mühafizəçi” deyəndə, sadəcə, fiziki hazırlıqlı gənc bir şəxs yox, çox yüksək intellekt səviyyəsinə malik, müasir informasiya texnologiyalarından istifadə edərək mühafizə fəaliyyətini həyata keçirə bilən mühafizəçi nəzərdə tutulacaq. Müasir dünyada “mühafizəçi” deyəndə ilk növbədə bu, başa düşülür.
Anlayışlarla bağlı səslənmiş bir çox iradlarla razıyam. Cənab Sədr, işçi qrupu hazırda öz işini davam etdirir. Burada kifayət qədər nöqsanlar var. Misal üçün, “qəsdən cinayət törətməyə görə məhkum olunmuş” anlayışı ilə bağlı. Əlbəttə, razıyam, biz hətta öz qanunvericiliyimizdə dövlət xidmətində olan şəxslərə bundan daha loyal şərait yaratmışıq. Bu irad və təklifləri bir daha stenoqramdan götürəcəyik, bunun üzərində çalışacağıq.
Son olaraq demək istəyirəm, gəldiyimiz nəticə ondan ibarətdir ki, bu təkliflər, bu iradlar yalnız komissiyada yox, artıq fəaliyyət göstərən, formalaşmış bir neçə mühafizə şirkətlərinin iştirakı ilə müzakirə ediləcək. Beləliklə, qanun layihəsinin müəyyən ictimai müzakirəsini də təşkil etməklə, hesab edirəm ki, ikinci oxunuşa daha mükəmməl bir qanun layihəsi təqdim edəcəyik. Sadaladığım üç mühüm məsələyə qanunvericilik təşəbbüsü subyektinin münasibətini ikinci oxunuşda təqdim edəcəyimiz məruzədə sizə bildirəcəyəm. Bütövlükdə qanun layihəsini müdafiə etdiyinizə görə sizə bir daha təşəkkürümü bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Hesab edirəm ki, qanun layihəsi konseptual baxımdan birinci oxunuşa hazırdır. Etiraz yoxdursa, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 88
Əleyhinə 3
Bitərəf 2
Səs vermədi 1
İştirak edir  94
Nəticə: qəbul edildi

Çox sağ olun, hörmətli millət vəkilləri. Saat 4-ə kimi fasilə elan edirik.
(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Müzakirələri davam etdiririk. Hörmətli millət vəkilləri, etiraz etmirsinizsə, əvvəlcə Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını oxuyaq. Əgər hər hansı  bir  təklif  olacaqsa,  yazılı  surətdə  verin.  Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bahar xanım, buyurun, bəyanatı oxuyun.
B. Muradova, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hər şeydən əvvəl diqqətinizə çatdırmaq istəyirəm ki, bu bəyanatın hazırlanması ilə bağlı yaradılmış redaksiya heyəti gün ərzində iki dəfə toplandı. Azərbaycan vətəndaşlarının, siyasilərimizin və Azərbaycanın mövqeyini əks etdirən fikirləri bir araya gətirməklə, bəyanatın layihəsini hazırlamışıq. Təbii ki, hər birimizin ürəyindən keçənlərin hamısını burada əks etdirə bilməmişik. Amma çalışmışıq ki, əsas məsələləri qısa şəkildə burada əhatə edək. Hər halda sizin tənqidi yanaşmağınızın nəticələrini sonra hazır varianta sala bilərik.
"Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.
Azərbaycan Respublikasının parlamenti Fransa Respublikasının Milli Məclisində “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza müəyyən edən qanun layihəsinin qəbul olunmasından dərin təəssüf və narahatlıq hissi keçirdiyini bildirir. Tarixi həqiqətlərə zidd olan bu ədalətsiz aktın qəbul olunması ifrat erməni millətçilərinin mənafelərinə qulluq edən ayrı-ayrı siyasi qrupların və etnik lobbiçilərin öz məqsədlərinə nail olmaq üçün hətta Fransanın dövlət maraqlarını tapdalamağa hazır olduqlarını göstərir.
Demokratik prinsiplərə, insan hüquqlarına və azadlıqlarına, xüsusən söz və fikir azadlığına hörmətsizliyin bariz ifadəsi olan bu qanun layihəsinin Fransa parlamentinin aşağı palatası tərəfindən qəbul edilməsi dünyada ikili standartların mövcudluğuna dair fikirləri təsdiqləyir. Təqribən 90 il əvvəl baş verdiyi iddia olunan hadisələr barəsində üçüncü bir ölkənin parlamenti tərəfindən siyasi hökm çıxarılması vəziyyətin onsuz da gərgin olduğu Cənubi Qafqaz bölgəsində yeni problemlər yarada bilən yanlış addım kimi qiymətləndirilir.
Yüz ildən çoxdur ki, türk xalqları ifrat erməni millətçilərinin fiziki və mənəvi terrorundan, işğalçılıq və soyqırımı siyasətindən əziyyət çəkirlər. Qonşu xalqlara qarşı ərazi iddialarına və bunun vasitəsi kimi seçdikləri etnik təmizləmə siyasətinə haqq qazandırmaq üçün ifrat erməni millətçiləri guya 1915-ci ildə Osmanlı Türkiyəsi tərəfindən soyqırımına məruz qaldıqları barədə uydurmalara istinad etməyə çalışırlar. Halbuki elmi həqiqətlərə sadiq qalan tədqiqatçı alimlər, o cümlədən Avropa alimləri tarixdə heç bir erməni soyqırımının baş vermədiyini çoxdan sübuta yetirmişlər. Qondarma “erməni soyqırımı” xəstə təxəyyülün məhsuludur və saxta sənədlərə əsaslanır. Bu yaxınlarda Türkiyədə Osmanlı dövrünə aid arxivlərin açılması, arzu edən hər kəsin, o cümlədən erməni alimlərinin və siyasətçilərinin XX əsrin əvvəlləri ilə bağlı tarixi sənədlərlə tanış olmağa dəvət edilməsi, lakin erməni tərəfinin sağlam elmi polemikadan imtina etməsi “erməni soyqırımı” uydurmasının ayaq tutmasına çalışanların iç üzünü açıb göstərir.
Əslində XIX əsrin sonlarından etibarən çar Rusiyasının gizli və açıq himayəsindən istifadə edən ifrat erməni millətçiləri müasir Türkiyə Respublikasının ərazisində və Cənubi Qafqazda kütləvi terror aktları və qırğınlar törədərək yüz minlərlə günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirmiş, saysız-hesabsız yaşayış məntəqəsini viran qoymuş, qədim mədəniyyət abidələrini, qəbiristanları yerlə-yeksan etmiş, bu ərazidə türk varlığının bütün nişanələrini məhv etməyə çalışmışlar.
1905-1907-ci, 1918-1920-ci illərdə İrəvanda və Zəngəzurda (indiki Ermənistan Respublikası ərazisində), Tiflisdə, Azərbaycanın paytaxtı Bakıda, Azərbaycan şəhərlərindən Naxçıvanda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, habelə Qarabağda, Muğanda və digər yerlərdə, Birinci dünya müharibəsi illərində Şərqi Anadoluda – Ərzurumda, Karsda, Ərdəhanda, Adanada dinc əhaliyə amansızcasına divan tutulmuşdur. 1918-ci il mart ayının axırlarında Bakı şəhərində 30 mindən çox azərbaycanlı soyqırımının qurbanı olmuşdur.
Erməni şovinistlərinin soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymət verilməməsi sovet hakimiyyəti dövründə də bizim xalqımıza qarşı düşmənçilik siyasəti yeridilməsinə gətirib çıxarmışdır. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR-in hakim dairələri 1948-1953-cü illərdə, habelə 1988-1989-cu illərdə Ermənistan ərazisindən yarım milyona yaxın azərbaycanlının deportasiya edilməsinə, yaxud qovulmasına nail olmuşlar. Zorakılıq hərəkətləri zamanı yüzlərlə azərbaycanlı etnik mənsubiyyətinə görə öldürülmüşdür.
Fransa Milli Məclisi bilməmiş deyildir ki, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı ilhaq edib Ermənistana birləşdirmək niyyəti ilə 1988-ci ildə başlanan işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan çox azərbaycanlı doğma yurdlarından qovulub didərgin salınmış, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır.
İşğalçılıq müharibəsinin gedişində ifrat erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı dəhşətli soyqırımı cinayətləri törətmişlər. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərindən 15-nin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri və Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri komanda heyətinin əsas hissəsi milliyyətcə erməni olan keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək bəşər tarixində ən böyük müsibətlərdən biri olan müdhiş soyqırımı aktı törətmişlər. Heç bir hərbi zərurət olmadan Xocalı şəhəri tamamilə yandırılmış və məhv edilmiş, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst edilmiş, 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar.
Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Erməni hərbçiləri vəhşicəsinə öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar.
Xocalı şəhərində və azərbaycanlıların digər yaşayış məntəqələrində törədilmiş qanlı cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktlarının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış bu kütləvi və amansız qırğın aktları həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Azərbaycanın işğal edilmiş digər şəhər və kəndlərinin sakinləri soyqırımından yalnız yaşayış məntəqələrini erməni hərbi birləşmələrinin hücumu ərəfəsində tərk etmələri sayəsində xilas ola bilmişlər.
On beş ildən çoxdur ki, Azərbaycan erməni terrorizminin hədəfinə çevrilmişdir. Ermənistanın ölkəmizə təcavüzünün başlandığı vaxtdan erməni terrorçu təşkilatları Azərbaycana qarşı 32 terror aktı törətmişlər. Bu terror aktlarının birbaşa nəticəsi kimi 2 mindən çox Azərbaycan vətəndaşı həlak olmuş, on minlərlə adam yaralanmışdır.
Son yüz ildən artıq dövrdə ifrat erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq hazırda bizim ölkəmizdə 31 mart günü azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar dəfələrlə xüsusi bəyanatlar və müraciətlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX-XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir.
Fransa Milli Məclisinin açıq-aşkar ədalətsiz aktının məhz belə bir vəziyyətdə qəbul edilməsi müəyyən mənada heyrət doğurur. Görünür, Fransa parlamentinin aşağı palatasının ifrat erməni millətçilərinin XX əsrin əvvəllərinə aid iddialarını və uydurmalarını qəbul etdiyi halda müasir dövrdə apardıqları işğalçılıq müharibəsinə və bu zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımına, terrora və etnik təmizləmə siyasətinə göz yumması onun ermənipərəst qərəzli mövqedə dayandığını sübut edir. Belə bir şəraitdə qəribə deyildir ki, Ermənistan Respublikası bölgədə sülhün, sabitliyin və qarşılıqlı anlaşma mühitinin bərqərar edilməsinin tərəfdarı olduğunu sözdə bəyan etsə də, əslində beynəlxalq hüquq normalarını və ATƏT-in təməl prinsiplərini kobudcasına pozur. Qonşu ölkələrə qarşı ərazi iddialarının irəli sürülməsi ifrat erməni millətçilərini daim xaricdə özlərinə düşmən axtarmağa vadar edir. Məhz buna görə Fransa parlamentinin aşağı palatasında ifrat erməni millətçilərinin bu destruktiv mövqeyinə haqq qazandıran, Cənubi Qafqaz bölgəsində gərginliyin artmasına gətirib çıxara bilən qanun layihəsinin qəbul edilməsi bizdə bu qədər narahatlıq və hiddət doğurur.
Ərazisinin böyük bir hissəsinin işğal altında olmasına, əhalisinin hər səkkiz nəfərindən birinin qaçqın düşərək çadır şəhərciklərində ağır vəziyyətdə yaşamasına baxmayaraq, Azərbaycan Ermənistan Respublikasının təcavüzünün nəticələrinin sülh yolu ilə aradan qaldırılması prinsipinə sadiqdir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədi ilə aparılan sülh danışıqlarında ATƏT-in Minsk qrupu vasitəçilik səyləri göstərir. Fransa Respublikası həmin qrupun üç həmsədrindən biridir. Münaqişənin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında, o cümlədən dövlətlərin ərazi bütövlüyünə riayət olunması şərti ilə ədalətli şəkildə nizama salınması məsələsində biz həmsədrlərin obyektiv mövqeyinə, ölçülüb-biçilmiş tarazlı siyasətinə çox ümid bəsləyirik.
Fransadan Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə kömək göstərən tədbirlər gözlədiyimiz bir zamanda, təəssüf ki, bu ölkənin qanunvericilik orqanı erməni şovinistlərinin yalan təbliğatına uyaraq tarixi həqiqətdən uzaq olan bir akt qəbul etməyi özünə rəva görmüşdür. Bu hərəkəti ilə Fransanın Milli Məclisi nəinki öz obyektivliyini şübhə altına almış, həm də Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin bərqərar edilməsi səylərinə kömək göstərməyə çalışan Fransa diplomatiyasını ağır vəziyyətə salmışdır.
Azərbaycan Respublikasının Milli Məclisi ifrat erməni millətçi qruplarının və onların havadarlarının öz çirkin siyasi niyyətlərinə nail olmaqdan ötrü təşviqat vasitəsinə çevirdikləri "erməni soyqırımı" barədə yalanın Fransa parlamentində bu dəfə antidemokratik qanun layihəsi şəklində dəstəklənməsindən hiddətləndiyini qeyd edərək, Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin bərqərar edilməsi səylərini çətinləşdirəcək bu üzdəniraq aktın arxasında dayanan ədalətsizliyi qəbul etmədiyini bildirir.
Azərbaycan xalqının iradəsini ifadə edən Azərbaycan parlamenti Fransa Milli Məclisində ədalətsiz aktın qəbul edilməsinə qəti etirazını bildirir və onun qüvvəyə minməsinin qarşısını almaq üçün Fransa Senatının təsirli addımlar atmasını gözləyir".
Sədrlik edən. Hörmətli millət vəkilləri, biz bunu əsas kimi qəbul edə bilərik. Əgər kiminsə əlavə təklifləri varsa, xahiş edirəm, redaksiya komissiyasına versin ki, günün axırına kimi onlara baxılsın. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: qəbul edildi

Qəbul edildi. 103 nəfər. Çox sağ olun.
Gündəliyin növbəti məsələsinin – Dövlət borcu haqqında Azərbaycan Respublikası qanunu layihəsinin müzakirəsinə keçirik. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadəyə söz verilir.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Milli Məclisinə daxil olmuş Dövlət borcu haqqında qanun layihəsi Azərbaycanda müasir mərhələdə azad bazar münasibətlərinin inkişafını, Azərbaycanın dünyaya inteqrasiyasını, o cümlədən beynəlxalq maliyyə-kredit münasibətlərini, bununla yanaşı, daxili maliyyə bazarının genişləndiyi şəraitdə dövlət borcu münasibətlərini və onun idarə olunması proseslərini tənzimləyir. 2005-ci ildən başlayaraq Azərbaycana neftin satışından daxil olan gəlirlərin reallaşdırılması, Neft Fondunun yaradılması, onun istifadəsi ilə əlaqədar dövlət başçısının müəyyən etdiyi strategiya, qeyri-neft sektorunun, regionların inkişafı proqramlarının həyata keçirilməsi müasir mərhələdə müstəqil Azərbaycan dövlətinin borc siyasətində müəyyən dəyişikliklər edilməsini zəruri edir və eyni zamanda, yeni qanunun qəbul edilməsini şərtləndirir.
1992-ci ildə 7 maddədən ibarət “Dövlət borcu haqqında” Qanun qəbul edilmişdi. SSRİ-nin dağılması başa çatdıqdan sonra ilk aylarda qəbul edilmiş bu qanun, şübhəsiz ki, müəyyən mərhələdə Azərbaycanın iqtisadi inkişafı üçün, Azərbaycanın beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınması üçün xeyli iş görmüşdü. Lakin saydığım obyektiv amillər və Azərbaycanın gələcək inkişaf strategiyası ilə əlaqədar cənab Prezidentin müəyyən etdiyi istiqamətlər əsas verir ki, Azərbaycanda yeni tələblərə cavab verən Dövlət borcu haqqında qanun qəbul edilsin.
Mən bir fikri xatırlatmaq istəyirəm. Bir neçə ay bundan qabaq cənab Prezident çıxışlarının birində çox fundamental əhəmiyyət kəsb edən fikir söylədi. Həmin fikrin mahiyyəti ondan ibarət idi ki, 10 il bundan qabaq Azərbaycan beynəlxalq təşkilatlardan, beynəlxalq qurumlardan borc alanda, kredit alanda biz ağır şərtlərlə üzləşirdik. Onlar müəyyən ağır şərtlər qoyurdular. İndi cəmiyyət dəyişib, zəmanə dəyişib, Azərbaycan dinamik inkişaf edir, Azərbaycanın valyuta ehtiyatları artır, Neft Fondunda olan vəsaitlər bundan sonra da artacaq. Artıq biz özümüz seçim etməliyik ki, hansı kreditləri alaq, respublikada hansı layihələri həyata keçirək. Şübhəsiz ki, bu fikir Azərbaycanın müəyyən etdiyi inkişaf strategiyasında borc problemi ilə əlaqədar hazırlanacaq qanunun ana xəttini təşkil edir.
Bir neçə rəqəmi sizin diqqətinizə çatdırmaq maraqlı olardı. Ümumiyyətlə, dünyada borc almayan ölkə yoxdur. 220-dən artıq dövlət borc alır və nəticədə ölkələrinin iqtisadi inkişafını təmin edir, bir sıra problemləri həll edir. Dünyada ən çox borc alan Amerika Birləşmiş Ştatlarıdır və onun payına dünya üzrə borcun 25 faizi düşür. Amerika Birləşmiş Ştatlarında hesablamalar aparıblar. Nyu-Yorkun mərkəzi küçələrində hündür bir binanın üstündə tablo var. Orada göstərilir ki, Amerikanın dövlət borcu hər saniyədə 40 dollar artır. Hazırda Amerika Birləşmiş Ştatlarında hər bir ailəyə 66 min dollar borc düşür. Mən bu rəqəmləri sadalamaqla onu demək istəmirəm ki, borc almaq yaxşı şeydir. Lakin iqtisadi inkişafın hər hansı mərhələsində, xüsusilə qloballaşan şəraitdə beynəlxalq əlaqələr genişlənir, borcun alınması və vaxtında ödənilməsi iqtisadi cəhətdən də, siyasi cəhətdən də vacib elementlərdən biri sayılır.
Azərbaycanın xarici borcu hazırda 1,8 milyard dollardır. Onun ümumi daxili məhsula nisbəti 9,2 faiz təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdən biridir. Bizim qonşu respublikalarda xarici borcun ümumi daxili məhsula nisbəti 50 faiz, bəzi respublikalarda 200 faiz, bəzilərində isə 300 faiz təşkil edir. Amma Azərbaycanda ümumi daxili məhsulun artması ilə, dinamik inkişafla əlaqədar bu nisbət 9,2 faizdir. Azərbaycanda hər nəfərə düşən xarici borcun miqdarı 221 dollardır. Bu da MDB məkanında və dünyanın əksər ölkələrində olan göstəricilərə nisbətən aşağı göstəricidir.
Biz xaricdən borc almaqla, borc siyasətini həyata keçirməklə nələrə nail olmuşuq? Qısa müddət ərzində Azərbaycan borc alan dövlət kimi özünün beynəlxalq aləmdə reytinqini artırıb. Bu gün ən aparıcı şirkətlər, ən aparıcı dövlətlər Azərbaycanla əməkdaşlıq etmək istəyirlər. Mən demək istəyirəm ki, biz borc almışıq, iri layihələr həyata keçiririk. Eyni zamanda, dünya miqyasında ekspertlərin müəyyən elədiyi hədlər var. Bizim hələ yuxarı həddə çatmağımız üçün neçə-neçə illər lazımdır. Ancaq Azərbaycanda aparılan dinamik inkişaf, cənab Prezidentin həyata keçirdiyi islahatlar və inkişaf strategiyası həmin borcun ildən-ilə ümumi daxili məhsula nisbətən artmasına imkan verməyəcək.
Ümumiyyətlə, o ölkə riskli ölkə sayılır ki, orada borcun ümumi daxili məhsula nisbəti 50 faizdən yuxarıdır. O ölkə riskli sayılır ki, orada adambaşına düşən xarici borcun miqdarı 700 dollardan yuxarıdır. Allaha şükür ki, bizdə 221 dollardır. Yəqin ki, gələcəkdə bu rəqəm nisbətən arta bilər. Çünki bizin imzaladığımız kredit sazişlərinə görə yaxın illərdə Azərbaycanda adambaşına düşən borcun məbləği 410-450 dollar arasında ola bilər. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün belə bir qanunun qəbul edilməsinin zəruriliyi dövlətin borc münasibətlərini yeni müstəvidə həyata keçirməkdən ibarətdir.
 İmzalanmış sazişlər üzrə Azərbaycanda kreditlərdən 63 faiz istifadə olunub. Nə qədər kredit almışdıqsa, onun 63 faizini biz qaytarmışıq, istifadə etmişik. Burada Maliyyə Nazirliyinin, Milli Bankın, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Hesablama Palatasının rəhbərləri əyləşiblər. Məlumat üçün demək istəyirəm ki, son 10 il ərzində Azərbaycanın dövlət borcu ilə əlaqədar beynəlxalq təşkilatlar qarşısında heç bir ciddi problemi olmamışdır. Meydana çıxan problemlər çox sakit, tarazlı şəkildə həll edilmişdir. Əlbəttə, elə problemlər var ki, onların da qanun layihəsində, müvafiq normativ sənədlərdə əks olunması vacibdir. Bizim aldığımız xarici borcların strukturunda islahatlarla bağlı olan borclar Dünya Bankının verdiyi kreditlər hesabına 22 faiz təşkil edir. Əlbəttə, bizim komissiyada da bu söhbət oldu. Təbii ki, gələcəkdə bu nisbət azalmalıdır. Çünki aldığımız investisiyaların xeyli hissəsini real sektorun inkişafına yönəltməliyik.
1995-ci ildən ödənilmiş borcların məbləği 954 milyon dollar olub. Onun da 210 milyon dolları xidmətlə əlaqədardır. Mən bu rəqəmləri ona görə deyirəm ki, sizə paylanmış qanun layihəsində bu göstəricilərin təhlili vacib məsələ kimi qarşıya qoyulur. Kreditlə əlaqədar bizim əməkdaşlıq etdiyimiz banklarla (Ümumdünya Bankı, Avropa İnkişaf Bankı, Yaponiya Bankı, Küveyt Fondu və s.) bir problem meydana çıxmamışdır. Bu gün Azərbaycanda xarici dövlət borcunun 5,6 faizinin qaytarılma müddəti 5 ilə, 4,6 faizinin 5 ildən 10 ilə, 37 faizinin 10 ildən 20 ilə qədərdir, 52 faizinin isə 20 ildən yuxarıdır. Yəni bu kreditlərin verilmə müddəti də, gözləmə müddəti də Azərbaycanın milli maraqlarına cavab verir.
Eyni zamanda, millət vəkilləri bilirlər ki, son illərdə Azərbaycanda adambaşına düşən məhsulun miqdarı əvvəlki illərə nisbətən xeyli artmışdır və Azərbaycanı iqtisadi cəhətdən sabit, dinamik inkişaf edən ölkə kimi tanıyırlar. Ona görə də Azərbaycana bundan sonra güzəştli kreditlər vermək məsələsi gündəmə çıxıb. Onlar təklif edirlər ki, Azərbaycana bundan sonra veriləcək kreditlərin müddəti 12-15 il arasında olmalıdır. Üstəlik bu kredit faizləri 5-8 faiz arasındadır. Bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına ödənilən kreditlər üzrə borcun məbləği 795 milyondur. Hökumətə verilən və icraçı tərəfindən qaytarılan kreditlərin məbləği 563 milyondur, yaxud bu bütün kreditlərin 35 faizini təşkil edir. Hökumət zəmanəti ilə təmin edilən və bilavasitə ayrı-ayrı təşkilatlar tərəfindən xidmət edilən kreditlər isə cəmi 477 milyon dollar təşkil edir.
Mən bu rəqəmləri ona görə sayıram ki, əvvəla, bu çox vacib strateji əhəmiyyət kəsb edən və ümumiyyətlə, mətbuatda, cəmiyyətdə daim müzakirə olunan məsələdir. Lakin birmənalı şəkildə bildirmək istəyirəm ki, bu il bütün hesablamalar, ölkələr üzrə müqayisələr, BMT-nin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Avropa İnkişaf Bankının müqayisəli materialları Azərbaycanın borc alan ölkə kimi çox önəmli bir yerdə olduğunu göstərir. Azərbaycan gələcəkdə borc verən dövlət kimi də öz imicini, öz fəaliyyətini davam etdirə bilər. Təqdim olunan qanun layihəsi çoxsaylı kəmiyyət və keyfiyyət fərqlərinə malikdir.
Qanun layihəsi 28 maddədən ibarətdir. Burada anlayışlarla əlaqədar materiallar verilir. Qanun layihəsində yazılır ki, “dövlət borcu” anlayışı Azərbaycan Respublikası adından rezidentlərlə və qeyri-rezidentlərlə bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borcun məbləğidir. Burada “daxili dövlət borcu”, “xarici dövlət borcu”, “dövlət qiymətli kağızları”, “dövlət qarantiyası” və digər anlayışların izahı verilir. Eyni zamanda, göstərilir ki, dövlət borcalınmasının məqsədi ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş müvafiq proqramları həyata keçirmək, dövlət büdcəsinin kəsirini örtmək, dövlət investisiyalarının maliyyələşməsini təmin etmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər məsələləri həll etmək üçün əlavə vəsait cəlb etməkdir. Dövlət borcunun səmərəli idarə edilməsi üçün bu prosesdə bilavasitə məsuliyyət daşıyan subyektin, maliyyə orqanının funksiyaları dəqiq müəyyənləşdirilmişdir. Bu baxımdan qanun layihəsinin 5-ci maddəsində maliyyə orqanlarının funksiyaları sadalanır.
Məlum olduğu kimi, dövlət borcu ölkənin iqtisadi təhlükəsizliyini səciyyələndirən vacib göstəricilərdən biridir. Bu isə həm daxili, həm də xarici dövlət borcunun məbləğinin müəyyən hədlərlə limitləşməsini zəruri edir. Buna görə də qanun layihəsində dövlət borcunun yuxarı həddi məsələsi də öz əksini tapmışdır. Mən məlumat vermək istəyirəm ki, dövlət borcunun yuxarı həddi 600 milyon dollar müəyyən edilmişdir. Ancaq dövlətin apardığı uğurlu siyasət nəticəsində bu məbləğin bir hissəsi hələ istifadə olunmamışdır. Lakin əvəzində daxili imkanlar səfərbər edilmişdir.
Qanun layihəsində daxili dövlət borcunun komponentləri kimi respublikanın aldığı kreditlər, Azərbaycan Respublikası adından buraxılan qiymətli kağızlar, dövlət zəmanəti ilə həyata keçirilən digər borcalmalar, xarici dövlət borcunun komponentləri kimi isə dövlət qiymətli kağızlarının buraxılması, kredit müqavilələrinin bağlanması, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər əqdlərin bağlanması təsbit olunur. Burada bizim problemimiz var. Qanun layihəsində dövlətin daxili borc məsələsi nisbətən zəif işıqlandırılıb. Mən məlumat vermək istəyirəm ki, Azərbaycanın daxili borcunun məbləği ümumi daxili məhsulun cəmi 1 faizini təşkil edir. Bu çox aşağı göstəricidir. Bu göstərir ki, Azərbaycanın gələcək inkişaf imkanlarını axtararkən daxili borcdan istifadə etməliyik.
Dünyanın bir çox ölkələrində daxili borcun ümumi daxili məhsula nisbəti 40, 50, 60, 70 faiz arasında tərəddüd edir. Bir çox ölkələrdə, ümumiyyətlə, daxili borcla xarici borc arasında tənzimləmə mexanizmində, demək olar ki, fərq yoxdur. Məsələn, Fransada, Almaniyada, bir çox ölkələrdə daxili borclardan ölkə daxilində səmərəli istifadə olunur. Bununla da ölkə daxilində iqtisadiyyatın güclənməsi, rəqabət qabiliyyətinin artması imkanları daha tez istifadəyə verilir.
Ona görə bizim bir təklifimiz var. Maliyyə Nazirliyi ilə, digər iqtisadi qurumlarla hesablamalar aparmışıq, komissiyanın iclasında da bu məsələyə baxmışıq, gələcəkdə Azərbaycanın inkişafı, iqtisadi təhlükəsizliyi naminə daxili borcun, ümumi borclar payının artmasına nail olmalıyıq. Çünki dünyanın bütün inkişaf etmiş ölkələrində bu meyl görünür. Bu meyl özünü Baltikayanı ölkələrdə də göstərir. Komissiya belə hesab edir ki, 2007-ci il büdcəsi hazırlanarkən digər strateji büdcə proqnozlarında Azərbaycanın daxili borclarının, ümumi daxili məhsulda payının artırılması vacib məsələ kimi qarşıya qoyulmalıdır. Artıq bu sahədə hesablamalar aparılır. Maliyyə Nazirliyinin rəhbərliyinin verdiyi məlumata görə bu fikri İqtisadi İnkişaf Nazirliyi, Milli Bank, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Vergilər Nazirliyi də dəstəkləyir. Gələcəkdə bu imkanlar arta bilər.
Lakin burada – daxili borc məsələsində bir problem var. Həmin problemi deputatlar da bilir. Bu da sovet dövründən qalmış əmanətlərin geri qaytarılması məsələsidir. Büdcədə nəzərdə tutulduğu kimi, əgər onu bu il daxili borca daxil etsəydik, daxili borcun ümumi daxili məhsula nisbəti müəyyən qədər arta bilərdi.Qanun layihəsində göstərilir ki, Azərbaycanda borcun büdcə gəlirlərinə, ixracata nisbəti yaxşı vəziyyətdədir.
Qanun layihəsində ən ümdə məsələlərdən biri də qeyri-dövlət xarici borcları ilə bağlıdır. Bu məsələ müzakirə olunarkən komissiyanın üzvləri haqlı olaraq müəyyən təklif verdilər. Əli Məsimli, Vahid Əhmədov, Azər müəllim və digərləri dedilər ki, qanun layihəsinin adı “Dövlət borcu haqqında”dır, amma burada bir neçə maddə qeyri-dövlət borcuna şamil edilir. Ümumiyyətlə, bizim apardığımız araşdırmalar göstərir ki, dünya təcrübəsində “qeyri-dövlət borcu” ifadəsi işlənmir, qeyri-dövlət borcuna hökumət məsuliyyət daşımır. Eyni zamanda, biz bunu da hesablamalıyıq ki, ümumiyyətlə, Azərbaycana özəl sektorların xətti ilə nə qədər borc gəlib, onun miqdarı nə qədərdir, strukturu nə qədərdir, hansı istiqamətlərə yönəlir.
Milli Bank hesablamalar aparmışdır və biz bu hesablamaları komissiyanın iclasında da dinlədik. Milli Bankın hesablamalarına görə, ölkənin ümumi borcu bayaq elan etdiyim borcdan iki dəfə çoxdur. Burada heç bir qəbahət, qeyri-normal hal yoxdur. Ancaq ölkənin iqtisadi təhlükəsizliyi baxımından, ölkənin maliyyə imkanları ilə uzlaşması baxımından, təbii ki, gələcəkdə biz ümumi borcların da hesablanması məsələsini nəzərdə saxlamalıyıq. Qanun layihəsində dövlət təminatı məsələsi əsas yer tutur (dövlət təminatı necədir, məqsədi nədir, srtukturu nədir, onun alınması üçün hansı şərtlər irəli sürülür, dövlət qanununun reyestri necə olmalıdır və s.). Bütün bu məsələlər orada açıqlanıb.
Mən vaxtınızı çox almaq istəmirəm. Birmənalı şəkildə demək istəyirəm ki, Azərbaycan dövlətinin, dövlət başçısının müəyyən etdiyi gələcək inkişaf strategiyasında borc problemi böyük yer tutur. Biz qloballaşan dünyada yaşayırıq. Ona görə də qabaqcıl ölkələrin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımızı genişləndirməliyik. Amma ən vacib məsələ ondan ibarətdir ki, ölkənin iqtisadi təhlükəsizliyi təmin edilməli, milli maraqları qorunmalıdır. Qanun layihəsində bu məsələ nəzərdə tutulur. Bir azdan sonra biz, şübhəsiz ki, ağır şərtlərlə borc almayacağıq. Çünki real sektorun bir sıra sahələrinə, o cümlədən aqrar sektorun, qeyri-neft sektorunu əhatə edən sahələrin inkişafı üçün kreditlərin alınmasına diqqət artırılacaq. Onlara nəzarət məsələsinə gəlincə, şübhəsiz ki, dövlət zəmanəti ilə alınmış kreditlərə nəzarət gücləndirilməlidir. Onun şəffaflığının təmin edilməsi ilə əlaqədar maliyyə, vergi və digər orqanlar mütəmadi monitorinq aparmalıdırlar.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsinin ayrı-ayrı müddəalarına dair çoxlu təklifimiz var. Qanun layihəsində redaktə ediləsi köhnəlmiş müddəalar var. Bu barədə keçən dəfə qısaca da olsa, Valeh müəllim dedi. Mən məlumat üçün bildirim ki, qanun layihəsi üzərində işçi qrupu bir sıra dəyişikliklər edib. Yəqin ki, ikinci oxunuşda onlar barədə daha ətraflı məlumat verə bilərik. Mən birmənalı şəkildə bildirmək istəyirəm ki, belə bir qanun layihəsinin müzakirəyə çıxarılması, şübhəsiz ki, gələcəkdə hörmətli millət vəkillərinin təklifləri ilə təkmilləşməsi Azərbaycanın beynəlxalq aləmdə imicinin artmasına, eyni zamanda, kredit, borc alan təşkilatların, qurumların milli mənafelər baxımından məsuliyyətinin artmasına çox dəyərli bir töhfə olacaqdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim, qanun layihəsinə çox gözəl açıqlama verdiniz. Müzakirəyə başlayırıq. Sual varsa, verin.
S. Rüstəmxanlı. Ziyad müəllim, qanun layihəsi ətrafında hamını maraqlandıran sahə ilə bağlı vəziyyətə aydınlıq gətirdiniz. Amma bu qədər zəhmətdən sonra axırda öz məruzənizdə onun əhəmiyyətini, demək olar ki, heçə endirdiniz. Dediniz ki, qanun layihəsində bir sıra qüsurlar, çatışmayan yerlər, cümlə xətaları var. Siz komissiyanın sədrisiniz, dediyiniz məsələləri komissiyada həll etməli, qanun layihəsini bura mükəmməl gətirməlisiniz ki, burada nə irad olsun, nə də çatışmazlıq. Ona görə də hesab edirəm ki, Siz, ümumiyyətlə, ya axırıncı sözü deməməli idiniz, ya da qanun layihəsi, mənə elə gəlir ki, komissiya tərəfindən müzakirəyə tam hazır şəkildə çıxarılmalı idi. Çünki burada elə məsələlər, elə ifadələr var ki, ümumiyyətlə, yenidən işlənməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Sabir müəllim, Siz artıq çıxış elədiniz. Bu qanun layihəsi birinci oxunuşa çıxarılıb, ikinci oxunuşda mülahizələrinizi deyə bilərsiniz. Mən Sizə sonra söz verməyəcəyəm.
Siyahı ilə çıxışlara başlayırıq. Buyurun, Əli Məsimli.
Ə. Məsimli. Hörmətli millət vəkilləri, xanımlar və cənablar! Müzakirəyə təqdim olunan qanun layihəsi barədə Ziyad müəllim kifayət qədər ətraflı və dərin məlumat verdi. Qeyd eləmək istəyirəm ki, bu qanun layihəsi İqtisadi siyasət daimi komissiyasında bir sıra mütəxəssislərin, əlaqədar təşkilatların nümayəndələrinin iştirakı ilə çox geniş müzakirə olunmuşdu. Əlbəttə, Ziyad müəllim burada məsələyə düzgün yanaşdı. Bu gün qanun layihəsi konseptual nöqteyi-nəzərdən müzakirə olunmalıdır və onun kəm-kəsirləri sonrakı mərhələlərdə aradan qaldırılmalıdır. Hər dəfə biz kəsirləri aradan qaldırmağa çox vaxt itiririk. Ona görə də məsələyə bir dəfə baxılmasını daha məqsədəuyğun hesab edirik. Bugünkü qanun layihəsi konseptual nöqteyi-nəzərdən 1993-cü ildə qəbul edilən qanundan nə ilə fərqlənir? Onun çatışmayan cəhətləri, üstün məqamları hansılardır? Bilavasitə o, həyata keçirilən zaman hansı problemlərlə rastlaşa bilərik? Bu suallara cavab vermək bu gün mühüm əhəmiyyət kəsb edir. Burada deyilməsə də, xüsusi qeyd eləmək istəyirəm ki, 1993-cü ildə qəbul olunan qanunun bir sıra üstün məqamları vardı. Digər tərəfdən, borclanmanın qaydaları burada bir sistem halında əks olunub.
Eyni zamanda, dövlət zəmanəti ilə bağlı məqamları da xüsusi qeyd eləmək lazımdır. Həmçinin borclanma zamanı məsuliyyətin bölgüsü məsələsində üstünlüklər var. Ona görə hesab edirəm ki, bu qanun layihəsində həmin üstünlükləri mütləq qeyd eləmək lazımdır. Çatışmayan cəhətləri aradan qaldırmaqdan ötrü müzakirə zamanı bəzi təklifləri səsləndirmişdik. Yenə də bu məsələlər üzərində dayanmağı məqsədəuyğun hesab edirəm.
Komissiyada birinci müzakirə zamanı çox maraqlı bir məsələ qaldırılmışdı. Bunu mən əlaqədar təşkilatların, o cümlədən Maliyyə Nazirliyinin nəzərinə çatdırmaq istəyirəm. Əgər belə bir qanun layihəsi ortaya çıxıbsa, mütləq Azərbaycanın yeni mərhələyə daxil olması ilə əlaqədar müasir dövrdəki borclanma strategiyası, dövlət xərclərinin səmərəli istifadə olunması strategiyası ortaya qoyulmalıdır. Çünki hər dəfə büdcə müzakirə olunanda, büdcənin reallaşması ilə bağlı Prezident fərmanı veriləndə həmişə müvafiq maddədə bu məsələ qaldırılır və əlaqədar təşkilatlara tapşırılır. Ona görə də hesab edirəm ki, əgər bu gün bizim qeyd elədiyimiz həmin strategiya təqdim olunsaydı, burada qaldırılan sualların bir hissəsinə ehtiyac qalmazdı.
İkinci böyük əhəmiyyət kəsb eləyən məsələ qanun layihəsinin adı ilə bağlıdır. Bunu mütləq qeyd eləmək lazımdır. Dövlət borcu haqqında qanundan söhbət gedir. Qanunun adında da belə əks olunub. Preambula hissəsində göstərilir: “Bu Qanun dövlət borcalmalarının həyata keçirilməsi, dövlət zəmanətlərinin verilməsi və dövlət borcunun idarə olunması sahəsində hüquqi və iqtisadi münasibətləri tənzimləyir”. Amma qanun layihəsinin bilavasitə 22-ci, 23-cü və 24-cü maddələri qeyri-dövlət borclarına aiddir. Deməli, burada olan ziddiyyəti aradan qaldırmaqdan ötrü ya qanunun adında dəyişiklik edilməli, ümumiyyətlə, borclanmadan söhbət getməlidir ki, bütövlükdə borclarla bağlı məqamlar öz əksini tapsın, ya da 22-ci, 23-cü və 24-cü maddələr xüsusi qanunda öz əksini tapmalıdır.
Burada ikinci bir ciddi məsələ qaldırıldı. Yəqin, deputat yoldaşlarımızın çoxu da mən dediyim fikirlərlə razılaşar ki, onlara edilən müraciətlərin təqribən yarısı batmış əmanətlərlə bağlıdır. Amma bu istiqamətdə heç bir normativ akt yoxdur. Hesab edirəm ki, elə bu gündən ona başlamaq lazımdır. Burada qoyulan daxili borclar məsələsinə mütləq həmin batmış əmanətlərlə bağlı məqamları da daxil etməyə və bu istiqamətdə ciddi bir qanunun qəbul edilməsini sürətləndirməyə böyük ehtiyac var. Çünki əhali çoxdandır bunu gözləyir.
Qanun layihəsinin sonuncu maddəsi keçid bəndləri ilə bağlıdır. Keçid bəndinin birinci hissəsi çox uğurludur. Burada 30 gün müddətində lazım olan sənədlərin əlaqədar təşkilatlara çatdırılmasından söhbət gedir. İkinci bənddə göstərilir ki, bu qanun layihəsi yalnız qanun qəbul ediləndən sonrakı borclara aid edilir. Təcrübədə belə bir şey yoxdur. Biz müstəqillik qazanandan sonra aldığımız keçmiş borclar da, indiki borclar da əhatə olunmalıdır. Ona görə də yaxşı olar ki, həmin keçid maddəsinin ikinci bəndi bütövlükdə layihədən çıxarılsın.
Azərbaycanda bu gün həm daxili, həm də xarici borclar sahəsində milli təhlükəsizliyimizə ziyan yoxdur. Xarici borclar ümumi daxili məhsulun 10 faizi səviyyəsindədir. Daxili borclar isə bir faiz səviyyəsindədir. Amma başqa məsələ var. Bu qanun layihəsində mütləq həmin borclardan səmərəli istifadənin imperativ mexanizmi öz əksini tapmalıdır. Bu həm Milli Məclisin nəzarət mexanizmi vasitəsi ilə, həm də aşkarlığın təmin edilməsi ilə olmalıdır. Burada məhz həmin məqamlar öz əksini tapmadığına görə qanun layihəsinin əhəmiyyətini azaldır. Bu cür xeyli məqamlar var.
Mən hesab edirəm ki, bu qanunun qəbul edilməsi çox vacibdir və deputat həmkarlarımı da əsaslı müzakirələrdən sonra buna səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, bu qanun layihəsi Milli Məclisin İqtisadi siyasət daimi komissiyasında çox geniş müzakirədən keçib. Komissiyanın sədri cənab Ziyad Səmədzadə bu barədə məlumat verdi. Amma bu qanun layihəsi ilə əlaqədar bir sıra maddələrə bizim düzəlişlərimiz var. Bu düzəlişlər ətrafında hazırda komissiyada müzakirə gedir. Mən komissiyada da Maliyyə Nazirliyindən xahiş etdim ki, Azərbaycan dövlətinin bu günə qədər olan daxili və xarici borcu haqqında komissiyaya arayış təqdim etsinlər. Görək, Azərbaycan dövlətinin xarici borcu ilə daxili borcu arasında niyə bu qədər fərq var? Biri 1 milyard 800 milyon manat, o birisi 240 milyon manata yaxındır. Xahiş edərdim, ikinci oxunuşa qədər həmin sənəd bizə təqdim olunsun.
Ümumiyyətlə, borclanma iqtisadi münasibətlərin çox mühüm tərkib hissəsi olduğu üçün bütün dövrlərdə olduğu kimi, indi də aktuallıq kəsb edir. Ona görə də bu sahədə münasibətləri səmərəli şəkildə tənzimləmək üçün bu qanunun qəbul edilməsi vacibdir. Mən də bu qanunun qəbul olunmasına səs verəcəyəm. Bununla yanaşı, layihədə olan bir sıra maddələrə təklif və iradlarımı bildirmək istəyirəm. Qanun layihəsinin 1-ci maddəsində şəxslər dövlət qarantı kimi göstərilir. Mən belə hesab edirəm ki, bu düzgün başa düşülmür. Yaxşı olar ki, bunu elə dövlət orqanı formasında saxlayaq. “Şəxs” deyəndə bir qədər başqa formada başa düşülür.
Əmanətlərlə əlaqədar məsələni Əli müəllim çıxışında qeyd elədi. Layihə müəllifləri çalışıblar ki, beynəlxalq prinsip və məqamları nəzərə almaqla mükəmməl bir qanun hazırlasınlar. Amma qanun layihəsinin 9-cu, 10-cu və 11-ci maddələrinin daha təkmil formada təqdim olunmasına ehtiyac var. Əhalinin əmanət banklarında batmış əmanətləri, əslində, dövlətin daxili borclarına daxil edilməlidir və həmin sahədə yaranmış vəziyyət müvafiq qanunla tənzimlənməlidir. Həmin qanunu biz artıq bir ilə yaxındır ki, Milli Məclisdə gözləyirik, lakin onu bizə təqdim etmirlər. 9-cu maddənin 9.1.2-ci bəndində qiymətli kağızlar dövlətin daxili borcunun tərkib hissəsi kimi, 11-ci maddənin 11.1.1-ci bəndində isə dövlətin xarici borc almalarının formalarından biri kimi göstərilir. Mahiyyəti etibarı ilə bu düzgün sayılsa da, layihənin müxtəlif maddələrinə uyğun surətdə fərqləndirilməlidir.
Digər əsas məsələlərdən biri də keçid müddəaları ilə əlaqədardır. Əli müəllim burada qeyd elədi. Bu müddəalardan belə məlum olur ki, faktiki olaraq, bu qanun təkcə bu vaxta qədər olan borclara şamil edilmir. Bu tamamilə düzgündür, çünki Azərbaycanın kimin rəhbərlikdə olmasından asılı olmayaraq, borcları var idi. Azərbaycan dövləti məsuliyyət daşıyandır və biz komissiyada da bu məsələyə baxdıq. Bu maddə oradan tamamilə çıxarılmalıdır.
Digər ciddi məsələ nəzarət mexanizminə əlavələrlə bağlıdır. Qanun layihəsində alınan dövlət borclarına nəzarət mexanizmi, demək olar ki, öz əksini tapmayıb. Ona görə də alınan borcların necə xərclənməsi, hansı sahəyə yönəldilməsi çox ciddi narazılığa səbəb ola bilər. İndi onun üzərində özümüz də işləyirik. Dövlət borclarına nəzarət formasını hazırlayıb mütləq bu qanun layihəsinə daxil etməliyik. Qanun layihəsini ümumilikdə müsbət qiymətləndirmək mümkün olsa da, burada borcalma ilə bağlı proseslərin şəffaflığının təmin edilməsi mexanizmi, faktiki olaraq, yoxdur. Ona görə də bu nəzarət mexanizmi layihədə öz əksini tapmalıdır. Güman edirəm ki, müzakirədə qaldırılan məsələlər, millət vəkillərinin iradları bir daha nəzərə alınacaq və ikinci oxunuşa daha mükəmməl qanun layihəsi çıxarılacaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Vahid müəllim. Millət vəkilləri müzakirələrdə iştirak edəcəklər, sizin komissiyada da baxılacaq. Xahiş edirəm, ikinci oxunuşa Siz özünüz də yaxşı hazırlaşın ki, ortaya belə suallar çıxmasın. Arzu Səmədov.
A. Səmədov. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri, qanun layihəsi ilə bağlı hörmətli Əli bəy, hörmətli Vahid bəy öz fikirlərini dedilər, oradakı çatışmazlıqlardan danışdılar. Qanun layihəsi ilə bağlı görmək istədiyim bir sıra məqamlar var. Tövsiyə xarakterli təkliflərimi demək istəyirəm. Ümumiyyətlə, neft gəlirlərinin artacağına ümid olub iri həcmli borc alan ölkələrin acı taleyi göz önündədir. Bu, Nigeriyaya, Venesuelaya, Meksikaya çox baha başa gəldi. Ona görə də bu məsələni diqqətdə saxlamalıyıq. Bilməliyik ki, yalnız borcun vaxtında qaytarılması kreditin səmərəli istifadəsinin göstəricisi sayıla bilməz. Çünki kreditlərin əksəriyyəti bəzən büdcə vəsaitinin hesabına qaytarılır.
Məncə, struktur islahatları aparılarkən və iri dövlət müəssisələrini yenidən qurarkən həmin sahədə ayrı-ayrı investisiya sahələrinin kreditləşməsi şərtlərini sərtləşdirmək lazımdır. Bu zaman layihələr üzrə sənədlərin strukturlaşması həyata keçirilməlidir. Həmin sənədlər cəmiyyətə açıq şəkildə təqdim olunmalıdır. Bu zaman hər hansı sənədin nəyə görə qapalı olduğunu sübut etmək lazımdır. Kreditorlar Azərbaycan üzrə ölkə strategiyasını hazırlayarkən yerli və xarici QHT-lərin iştirakı ilə ictimai dinləmələr keçirsə, yaxşı olardı. Monitorinq keçirilməsi və kredit vəsaitinin işlənməsi prosesində vətəndaşların yaxından iştirakının təmin olunması məqsədəuyğun olardı. İnvestisiyalar daxil olmaqla, beş il müddətinə Azərbaycanın xarici dövlət borcunun idarə edilməsinin pilləli strategiyası işlənib hazırlanmalıdır. Bu zaman milli təhlükəsizlik maraqlarının müdafiəsini gücləndirmək lazımdır. Layihələrin texniki və iqtisadi baxımdan milli maraqlara uyğun hazırlanmasında hökumətin fəal iştirakı vacibdir.
Hökumət kreditləşmədə böyük rol oynamalıdır. Mövcud kredit layihələrinin bütün mərhələlərində geniş kütlələr hökumət tərəfindən məlumatlandırılmalıdır. Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin, Hesablama Palatasının, digər müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət, eləcə də QHT-lərin iştirakı ilə birləşmiş komissiya yaradılmalıdır. Onlar kredit razılaşması şərtlərinin işlənib hazırlanmasında fəal iştirak etməlidirlər. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun, Ziyafət müəllim. Bu gün müzakirə etdiyimiz iki məsələ arasında bir uyğunluq görürəm. İş burasındadır ki, hər iki qanun layihəsi ümumilikdə cəmiyyətimizin ayrı-ayrı sahələrini hüquqi tənzimləmək üçün qəbul edilir. Bunun özü göstərir ki, Azərbaycanda hüquqi dövlətin qurulması istiqamətində böyük işlər görən iqtidar bütün sahələrin qanunauyğun işləməsi üçün müvafiq qanun layihələri ortaya qoyur. Dövlət borcu haqqında qanun layihəsinin mahiyyətindən daha çox bu məsələ ətrafında söz-söhbət gedir. Çünki dövlət borcu bu gün cəmiyyətin dilindədir, onun müzakirə etdiyi mövzulardandır. Amma yanaşma fərqlidir. Məsələn, iqtidar nümayəndələri və cəmiyyətin böyük bir hissəsi ilk növbədə alınan borcların səmərəli xərclənməsindən danışır. Bizə opponent olan müxalifət isə ümumi rəqəmləri götürərək, həmin rəqəmlərlə cəmiyyəti qorxutmağa çalışır. Ancaq nədənsə bu qorxudan o tərəfə keçə bilmir. Çünki faktlar göz qarşısındadır.
Bu gün bizim valyuta ehtiyatımız var və alınan borcların fərqi də göstərir ki, borcun məbləği bir o qədər də yüksək səviyyədə deyil. Bu gün bizim valyuta fondunda milyard yarım dollar, Neft Fondunda milyard yarım dollar vəsaitimiz var. Doğrudan da, 3 milyard dolların qarşısında bir milyard 800 milyon dövlət borcu böyük rəqəm deyil. Digər tərəfdən dövlət büdcəsinin ildən-ilə artması göstərir ki, opponentlərimizin bildirdiyi kimi, bu rəqəm heç də Azərbaycanda Nigeriyanın təcrübəsini ortaya qoymayacaq. Əksinə, Azərbaycanın təcrübəsini ortaya qoyuruq. Azərbaycan təcrübəsi də ondan ibarətdir ki, alınan borclar əmək haqqına və yaxud dövlət strukturlarının saxlanmasına deyil, ilk növbədə çox səmərəli layihələrə xərclənir.
Bu dövlət borcları nəyə xərclənir? Hava limanının tikintisinə, su kəmərinin çəkilməsinə, kanalizasiya sisteminin dəyişməsinə, yeni təyyarələrin alınmasına və s. Həmin sahələr digər sahələrin inkişafına da təkan verə bilər. Eyni zamanda, bu gün alınan dövlət borclarının səmərəli xərclənməsinə hökumət tərəfindən çox ciddi nəzarət var. Azərbaycanda indiyə qədər elə bir borc alınmayıb ki, onun illik faizi 20 faiz olsun və ya da qısa bir müddətə həmin borcun özü məbləğində faiz dərəcəsinin endirilməsinə gətirib çıxarsın.
Bir neçə layihəni elə parlamentdə biz təsdiq etmişik. İndiki iqtidar 14 ildir ki, hakimiyyətdədir, 14 ildir ki, xaricdən borc alır. Əgər indiyə qədər alınan borclar, həqiqətən, ziyanlı olsaydı, Azərbaycan iqtisadiyyatına, siyasətinə ziyan vursaydı, hesab edirəm ki, bu, istər-istəməz özünü iqtisadiyyatda və ya inflyasiyada göstərərdi. 1994-cü ildən bəri Azərbaycanda inflyasiya 1 rəqəmlidən 2 rəqəmliyə keçməyib və bundan sonra da keçməyəcək. Çünki çox ciddi maliyyə nəzarəti var. İlk növbədə onun səmərəli xərclənməsi üçün çox ciddi nəzarət var.
Qəbul edəcəyimiz qanun dövlət borcu üzərində həm parlamentin, həm də cəmiyyətin nəzarətinə yol açır. Borcu nəyə almaq olar? Hansı formada olar? Bu nəyə xərclənə bilər? Digər tərəfdən, mən belə hesab edirəm ki, bugünkü reallığımızda daxili borclardan çox zəif istifadə edilir. Daxili borcların nədən ibarət olduğu burada sadalandı. Ancaq bizim daxili bazarımızda dövlət tərəfindən buraxılan qiymətli kağızlara və ya formalara rast gəlmirik. Ola bilsin ki, qanun layihəsində nəzərdə tutulduğu kimi, gələcəkdə bu mümkün olsun. İlk növbədə mən bugünkü reallıqla bu qanun layihəsinin bir-birinə uyğun gəldiyini bildirirəm. Dövlət borcu məsələsində indiki iqtidar çox ehtiyatlı və cəmiyyətin xeyrinə səmərəli fəaliyyət göstərir. Qanun layihəsinin birinci oxunuşun tələblərinə cavab verdiyini bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Aydın müəllim. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Çörçilin çox maraqlı ifadəsi var. Deyir, o ölkə güclüdür ki, ona çox borc verirlər. Bu, ölkəyə olan etimaddan asılıdır, yəni ölkənin gücünü göstərən bir əlamətdir.
Təbii ki, Azərbaycan inkişaf elədikcə, ona borc vermək istəyənlərin sayı da çoxalacaq. Çünki bu borc həm də qazanc mənbəyidir. Amma gərək Azərbaycan da burada öz maraqlarını qorusun. Ziyad müəllim də dedi, Azərbaycan artıq özü borc verən ölkə vəziyyətinə gəlib çıxa bilər. Mən təklif edirəm ki, bu qanun layihəsində bir məsələni də yazaq. Azərbaycanın özünün bu gün valyuta ehtiyatları var və biz bu valyuta ehtiyatlarını xaricdə idarə olunmağa veririk. Bu məsələnin qeyd olunması vacibdir ki, Azərbaycanda dövlət zəmanəti ilə alınan kreditlər Azərbaycanın valyuta ehtiyatlarının xaricdə idarə olunması faizlərindən yüksək ola bilməz. Əgər bu kreditlər, borclar Azərbaycanın valyuta ehtiyatlarının idarə olunmasının faizlərindən çoxdursa, onda Azərbaycanın özünün imkanları var. Onsuz da bu layihələrə kreditlər dövlət zəmanəti hesabına alınır. O zaman dövlət elə bu sahənin maliyyələşməsinə vəsait ayıra bilər. Bu yaxşı bir məsələ olardı.
Burada Azərbaycanın daxili borcları məsələsinə toxunuldu. Bunun digər mənfi tərəfi ondan ibarətdir ki, biz daxili borclara o qədər də önəm vermirik. Amma Azərbaycanda buna 5 il əvvəlki kimi baxmaq mümkün deyil. Azərbaycanda artıq daxili borc məsələsinə ciddi önəm vermək lazımdır. Bu rəqəmləri sadalamaq mümkündür. Çünki bu həm də bu gün Azərbaycanın inflyasiyadan qorunmasına xidmət edən bir addım olardı. Maliyyə Nazirliyi bu istiqamətdə fəaliyyətini gücləndirməlidir. Qiymətli kağızlar vasitəsi ilə daxili borc məsələsinə önəmi daha da artırmaq olar.
Digər bir məsələni Ziyad müəllim qeyd etdi. Vahid müəllim bildirdi ki, xarici və daxili borc arasında kəskin ziddiyyət var. Təbii ki, bir az əvvəl bunu real qiymətləndirmək olardı. Amma gələn il, o biri il bu qədər kəskin fərq doğru görünməyəcək. Mən hesab edirəm ki, bunun üzərində də ciddi düşünmək lazım olacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm. Hesab edirəm ki, dövlətin borc alması və borc münasibətlərinə girməsi müasir cəmiyyətin çox normal qarşılanan xüsusiyyətlərindən biridir. Ziyad müəllim çox doğru şəkildə ifadə elədi ki, müasir dünyada borcu olmayan dövlət yoxdur. Güclü iqtisadi inteqrasiya proseslərinin getdiyi bir zamanda, o cümlədən Azərbaycanın dünyaya inteqrasiyasının sürətləndiyi bir dövrdə Azərbaycanın dövlət olaraq borc alması və bu münasibətlərə girməsi tamamilə təbii qarşılanır. Bu bir yandan Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının çox vacib göstəricisi kimi özünü təsdiq edir. İkincisi, Azərbaycan iqtisadiyyatının açıq olduğunu, açıq bir cəmiyyətə çevrildiyini göstərir. Çünki o dövlət borc ala bilir ki, ona etimad var, etibar var. Təbii ki, onun iqtisadiyyatı da güclüdür. Bu fikir burada səsləndirildi. Ona görə də Azərbaycan dövləti, Azərbaycan hökuməti bu münasibətlərdən Azərbaycanın ayrı-ayrı sahələrdə həyata keçirdiyi layihələrin reallaşması üçün səmərəli şəkildə istifadə edir. Doğrudan da, Azərbaycanın məhz bu imkandan istifadə edərək bir sıra sahələrdə böyük nailiyyətlər, böyük uğurlar qazandığını təsdiqləmək olar.
Eyni zamanda, bizim həyatımızın ikinci bir reallığı da mövcuddur. Bu da ondan ibarətdir ki, Azərbaycanın maliyyə imkanları iqtisadiyyatımızın inkişafı ilə əlaqədar genişlənir. Azərbaycanın yaxın vaxtlarda borc alan ölkədən borc vermək imkanında olan ölkəyə çevrilməsi real bir həqiqətə çevrilir. Azərbaycan Prezidentinin də bu barədə söylədiyi fikirlər reallığa əsaslanır. Azərbaycan yaxın zamanlarda borc verən ölkəyə çevriləcək. Bu, həmin perspektivlərin real bir müstəvi üzərində dayandığını göstərir. Ona görə də mən belə hesab edirəm ki, biz bu gün Azərbaycanın dövlət borcu haqqında münasibətlərini tənzimləyən qanun layihəsi ilə yanaşı, Azərbaycanın borc verən dövlət olaraq artıq özünü təsdiqlədiyi dövrdə bu münasibətlərin hüquqi bazasının yaranması və yaradılması üzərində də düşünməliyik.
Digər tərəfdən, borc alan hər bir dövlət həmin borcun nə dərəcədə səmərəli və real olması haqqında da düşünməlidir. Bu barədə də fikirlər səsləndi. Mən də həmin fikirlərə qoşuluram ki, indi sərbəst maliyyə ehtiyatlarının olduğu bir zamanda, Azərbaycan borcalma, borc götürmə məsələsinə kifayət qədər ciddi və ehtiyatlı yanaşmalıdır. Bayaq səsləndirilən fikirləri mən bir kənara qoymuram. Bu, inteqrasiya proseslərinin və digər iqtisadi münasibətlərin çox vacib bir şərtidir. Eyni zamanda, borc alarkən hökumət üzərinə ağır öhdəliklər götürməməlidir. Mən inanmıram ki, Azərbaycan hökuməti indiki gerçəkliklər şəraitində ağır şərtlər daxilində borc alsın. Bununla əlaqədar bizim sərbəst maliyyə vəsaitlərimizdən nə dərəcədə səmərəli şəkildə istifadə olunması məsələsi ortaya çıxır. Düzdür, qanunun predmetinə daxil olmasa da, hesab edirəm ki, bu problem də yalnız nəzəri yox, həm də daha çox praktik məsələ olaraq diqqətdən kənarda qalmamalıdır.
Mən bir məsələyə də münasibətimi bildirmək istəyirəm. Qanun layihəsində dövlət borcunun yuxarı həddi haqqında da maddə mövcuddur. Mənə elə gəldi ki, bu maddədə “dövlət borcunun yuxarı həddi” anlayışı daha çox dövlət borcunun yuxarı həddinin müəyyənləşdirilməsi prinsipləri şəklində öz təsdiqini tapıbdır. Mən bilmirəm, bu, nə dərəcədə qanunun ümumi məntiqinə uyğundur. Amma mənim düşüncəmə görə daha məntiqli olardı ki, bu prinsipləri müəyyənləşdirməkdən daha çox, sadəcə olaraq, yuxarı hədd müəyyənləşdirilsin. Bu, ya ümumi daxili məhsula, ya da Azərbaycanın dövlət büdcəsinə şamil edilərək müəyyənləşdirilsin. Hörmətli akademik Ziyad Səmədzadə dedi ki, indi Azərbaycanın mövcud dövlət borcu təxminən ümumi daxili məhsulun 9 faizinə yaxındır. Mən hesab edirəm ki, bu aşağı hədd olmaqla yanaşı, həm də Azərbaycanın malik olduğu və gündən-günə artan sərbəst maliyyə ehtiyatları şəraitində çox normal bir variantdır. Bəlkə də biz 10, yaxud 15 faizlik bir hədd müəyyənləşdirməliyik ki, Azərbaycanın dövlət borcunun daxili məhsula nisbəti bu həddən yuxarı olmasın. Təbii ki, iqtisadçılar hesablayacaqlar. Əgər bu mümkündürsə, mən belə hesab edirəm ki, dövlət borcunun idarə edilməsi mexanizmi daha aydın bir çərçivəyə salınmış olardı.
Burada səsləndirilən bir fikrə mən də qoşulmaq istərdim. Azərbaycanın daxili borcu ilə xarici borcu arasında böyük fərqi aradan qaldırmaqdan ötrü qaytarılmamış əmanətlərin daxili borca daxil edilməsi məqsədəuyğun olardı. Bu bir yandan həmin borcların qaytarılması istiqamətində hökumətimizin öhdəliklərini daha açıq şəkildə ortaya qoyardı. İkinci tərəfdən, bu sahədə olan müəyyən fərqi azaltmış olardı. Hesab edirəm ki, bu, kifayət qədər əhəmiyyətli qanun layihəsidir. Müəyyən təkliflər əsasında təkmilləşdirdikdən sonra onun qəbul edilməsi mümkündür. Düşünürəm ki, hörmətli deputatlar bu qanun layihəsinin qəbul olunmasına səs verəcəklər. Sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli deputatlar! Dünya təcrübəsinə uyğun olaraq ölkənin sosial-iqtisadi inkişaf proqramlarını maliyyələşdirmək, büdcə kəsirini örtmək və s. məqsədlər üçün dövlət, adətən, borc alır. Bu baxımdan borcalmanı tənzimləyən belə bir qanun layihəsinin müzakirəyə çıxarılması təbii qarşılanmalıdır. Əvvəllər borcalma kredit müqavilələri ilə tənzimlənirdi. Bu müqavilələrdəki öhdəliklərin məsuliyyəti də borc alanın üzərində qalırdı ki, bunun da çox ciddi fəsadlarını hamımız müşahidə etmişik. Səhv etmirəmsə, təkcə Səhiyyə Nazirliyinin xətti ilə alınan 60 milyon ABŞ dolları məbləğindəki borcu xatırlamaq kifayətdir. Dövlət büdcəsi hesabına ödənilən bu borcalmanın MTN tərəfindən araşdırılması bu günə qədər davam edir. Təbii ki, fors-major vəziyyətlərdə borcun büdcə hesabına ödənilməsi mümkündür. Ancaq bu o demək deyildir ki, borcalma prosesi tamamilə nəzarətsiz buraxılmalıdır.
Səhv etmirəmsə, 1997-ci ildə proseslərə nəzarəti gücləndirmək üçün yeni qayda tətbiq edildi. Bu qaydaya uyğun olaraq borc alan müəssisədə Maliyyə Nazirliyinin nümayəndəsi olurdu. Kreditin istifadəsinə, qaytarılması prosesinə zahirən nəzarət olunmağa başlandı. Əslində bu nümayəndə də kiminsə tapşırığını yerinə yetirirdi, əvəzində yaxşı əmək haqqı alırdı. 2003-cü ilin fevralından bu qayda ləğv edildi. İndiki dövrdə borcun istifadəsi və qaytarılması hər bir qurumun öz məsuliyyətinə verilibdir, Maliyyə Nazirliyi isə buna ümumi nəzarəti həyata keçirir. Belə vəziyyətdə hesab etmək olardı ki, bizə təqdim edilən layihə dövlət borc almalarını tənzimləyən, xüsusilə istifadəsinə nəzarəti tam təmin edən qanun formasında olacaqdır. Ancaq çox təəssüf ki, layihəni təhlil edəndə burada bir sıra çatışmazlıqlarla, qeyri-müəyyənliklərlə rastlaşdıq. Mən istərdim, layihə ikinci oxunuşa təqdim olunanda bunlar nəzərə alınsın. Əvvəla, “qarantiya” sözünün dəyişdirilməsini təklif edirəm. Hesab edirəm ki, layihədəki bütün maddələrdə həmin söz dilimizə uyğun olaraq “zəmanət” sözü ilə əvəz edilməlidir.
Qanunun məzmununa gəldikdə, deməliyəm ki, qanunun ruhu onu tamamilə icra hakimiyyəti orqanından asılı vəziyyətə salır. Adətən, qanun icra hakimiyyəti orqanına nəyi necə etməyi göstərməlidir. Bunlar qanunda o qədər dəqiq göstərilməlidir ki, icra hakimiyyəti orqanı qərar qəbul edəndə onun müvafiq maddələrinə istinad etsin. Təqdim olunan layihədə 7-ci maddəni təhlil edəndə bu qanunun icra hakimiyyəti orqanından nə qədər asılı vəziyyətə salındığını aydın görmək olar. Təkcə 7.3-cü maddədəki “müvafiq icra hakimiyyəti orqanının qərarlarında başqa qayda nəzərdə tutulmadıqda” ifadəsi üstün hüququn icra hakimiyyəti orqanına verilməsini təsdiq edir. Vəsaitin bölüşdürülməsindən bəhs edən 13-cü maddə bu mənada daha çox diqqəti cəlb edir. Xarici dövlət borc almalarından əldə olunan vəsaitin bölüşdürülməsi icra hakimiyyəti orqanının inhisarına verilir. Bu bölüşdürmənin hansı prinsiplər əsasında aparılması qaydaları isə qeyri-müəyyən qalır. Daxili borcların tərkibi haqqındakı 9-cu maddədə də qeyri-müəyyənlik vardır. Aydın olmur ki, məsələn, 9.1.1-ci maddədə Azərbaycan Respublikasının alığı kreditlər deyiləndə hansı kreditlər nəzərdə tutulur, bu kimdən alınır, nə məqsədlə alınır və s. Bu qeyri-müəyyənlik dövlət borcalmalarının məqsədində də, məzmununda da özünü göstərir. Halbuki daxili və xarici borcların məqsədi dəqiqi göstərilməli, təsnifləşdirilməlidir. Bu qayda həm də Beynəlxalq Valyuta Fondunun tövsiyələrində vardır.
8-ci maddə mənim daha çox diqqətimi çəkdi. 8.3-də belə bir müddəa vardır ki, həmin şəxslərin təşkilati-hüquqi forması dəyişdikdə, onlar yenidən təşkil edildikdə və ya ləğv edildikdə öhdəliklər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Burada hansı qanunvericilikdən söhbət gedir? Mən ekspertlərlə məsləhətləşdim. Aydın oldu ki, belə bir qanunvericilik, ümumiyyətlə, yoxdur. Əgər Mülki Məcəlləyə istinad edilirsə, bu çox səhv yanaşmadır. Mülki Məcəllə dövlət idarəetmə subyektlərini yox, təsərrüfat subyektlərini əhatə edir. Tutaq ki, Səhiyyə Nazirliyi borc alırsa, onun Mülki Məcəlləyə heç bir dəxli yoxdur. 21-ci maddənin 4-cü bəndindən belə çıxır ki, dövlət borcunun həcminə və tərkibinə dair məlumat borclar istifadə olunandan sonra hesabata daxil edilir. Mənim fikrimcə, kredit müqavilələrinin bağlanmasından tutmuş qaytarılmasınadək bütün prosesin şəffaflığı təmin edilməlidir. Bunun üçün beynəlxalq kredit müqavilələri mütləq parlamentin nəzarətinə verilməlidir. Bir halda ki büdcə məsələsi parlamentin nəzarəti altındadır və kreditlərin də müəyyən hissəsi bəzən büdcə vəsaitləri hesabına qaytarılır, o halda borcalma da parlamentin nəzarətinə verilməlidir. Digər tərəfdən, 6-cı maddəyə uyğun olaraq, əgər büdcəyə il ərzində cəlb edilə bilən daxili və xarici dövlət borclarının yuxarı həddinin limitlərini parlament təsdiq edəcəksə, o halda parlament borcların istifadəsi və qaytarılmasını da nəzarətdə saxlamalıdır. Qanun layihəsində qeyri-müəyyən qalan düzgün nəzarət sisteminin tətbiqinin yolu budur.
Mənim üçün aydın olmayan bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Ziyad müəllim də bayaq qeyd elədi. Qanunun adından da göründüyü kimi, o, dövlət borcu haqqındadır. Layihədə isə üç maddə, yəni 22-ci, 23-cü və 24-cü maddələrdə qeyri-dövlət borclarından bəhs olunur. Sual olunur, bu maddələrin bura salınmasının dövlət borcu ilə nə əlaqəsi ola bilər? Söhbət dövlət borcundan gedirsə, layihədə qeyri-dövlət borcundan danışmaq hansı məntiqdən doğur? Bu maddələrin burada qeyd edilməsi gələcəkdə bəzi əməliyyatların məhz qeyri-dövlət borcları adı altında aparılmasına şərait yaratmayacaq ki? Mən Ziyad müəllimdən xahiş edərdim ki, əgər mümkünsə, qeyri-dövlət borclarının mahiyyəti haqqında, həmçinin qeyri-dövlət borcu ilə əlaqədar üç maddənin bu qanun layihəsinə salınmasını zəruri edən səbəblər barədə bir qədər geniş arayış versin. Çox sağ olun.
Sədrlik edən. Hörmətli həmkarlarım, bilirsiniz ki, qanun layihəsinin birinci oxunuşda müzakirəsi gedir, ona görə də imkan daxilində buna konseptual cəhətdən qiymət verək. İkinci oxunuşda maddə-maddə, bölmə-bölmə müzakirə etməyə imkan olacaq. Azər Əmiraslanov, buyurun.
A. Əmiraslanov. Hörmətli sədarət, hörmətli millət vəkilləri, Dövlət borcu haqqında qanun layihəsinin birinci oxunuş üçün təqdim olunduğunu nəzərə alaraq, mən də layihə ilə bağlı konseptual məqamların üzərində dayanmaq istərdim. Dövlət borcu özlüyündə ayrıca bir problem deyil. O, büdcə siyasətinin çox mühüm, başlıca istiqamətlərindən biridir. Biz ümid edirik ki, dövlət borcu ilə bağlı strategiyanın və siyasətin konturları barədə 2007-ci il büdcə zərfinin müzakirəsi zamanı müvafiq dövlət orqanları parlament üzvlərinə geniş məlumat verəcək. Nəzərə almalıyıq ki, qəbul edəcəyimiz qanun dövlət borcu istiqamətində siyasəti strategiyanı müəyyən etmir, yalnız bu siyasətin həyata keçirilməsi üçün hüquqi baza rolunu oynayır. Normal hüquqi baza isə bu sahədə aydın bir strategiyanın müəyyən edilməsini tələb edir.
Yeni mərhələdə daxili və xarici borcla bağlı məsələlərin aktuallıq kəsb etməsi, dövlət borcu haqqında qanunvericiliyin təkmilləşdirilməsi zəruriliyi Azərbaycan iqtisadiyyatının bugünkü reallıqları ilə bağlıdır. Belə ki, valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə artırmaqda olan bir ölkədə dövlət borcu ilə bağlı siyasətdə korrektələr edilməsi zərurəti yaranır. Korrektələr dedikdə biz heç də bütün borclarımızın çox qısa bir müddətdə qaytarılmasını və xarici borclardan tamamilə imtina edilməsini nəzərdə tutmuruq. Əksinə, əlverişli kreditləşmə imkanlarından maksimum istifadə etməliyik. Əgər bu gün dünya maliyyə bazarında kreditlər üzrə orta faiz dərəcəsi 5-6, ölkəmizdə isə 20-25 faiz təşkil edirsə, nə üçün bu halda ucuz kreditlərdən yararlanmayaq? Ucuz kreditlərə ehtiyacı olanlar isə ölkəmizdə kifayət qədərdir. Büdcə siyasətinə korrektələr edilməsi dedikdə onun strukturunun təkmilləşdirilməsini, dövlət borcuna xidmət xərclərinin azaldılmasını nəzərdə tuturuq.
Məlum olduğu kimi, daxili borc dövlət borcunun bir hissəsidir. Daxili borclanma bir qayda olaraq büdcə kəsirini örtmək üçün həyata keçirilir. Azərbaycanda isə perspektiv dövrdə büdcə kəsiri ilə bağlı heç bir problem gözlənilmir. Belə olan halda ölkəmizdə daxili borclanmadan maliyyə bazarının formalaşdırılması və pul kütləsinin tənzimlənməsi, antiinflyasiya tədbirlərinin həyata keçirilməsi məqsədləri üçün istifadə edilməlidir. Xarici borclanma isə ölkəmizin dünya maliyyə bazarına inteqrasiyasını təmin edir. Həm maliyyə bazarının iştirakçılarına çevrilmək, həm də dövlət üçün dünya maliyyə bazarlarında işləmək təcrübəsini aşılayır. Onu da qeyd edim ki, artıq gələn ildən dövlət tərəfindən aqroistiqrazların buraxılışına başlanacaq. Bu da ölkəmizin kredit reytinqinin yüksəlməsinə dəlalət edir və artıq dünya maliyyə bazarlarında işləmək təcrübəsinin yaranmasına şərait yaradır.
Ümumiyyətlə, dövlət borcu haqqında qanun layihəsinin qəbul edilməsini bir sıra amillər şərtləndirir. Hər şeydən əvvəl nəzərə almalıyıq ki, dövlət borcu makroiqtisadi tənzimlənmənin mühüm alətlərindən biridir. Belə bir tənzimləyici vasitə üçün yeni tələblərə cavab verən qanunvericilik çərçivəsinin müəyyən edilməsi makroiqtisadi sabitlik üçün mühüm əhəmiyyət kəsb edir. Bir çox ölkələr dövlət borcu haqqında qanunvericiliklə ölkə iqtisadiyyatı üzərində borc yükünü azaltmaq məqsədini qarşıya qoyduğu halda, bizdə bu layihə, əsasən, dövlət borcunun idarə edilməsi üzrə vahid və səmərəli bir sistemin yaradılması məqsədini güdür. Qeyd edildiyi kimi, əgər bizdə xarici borcun xüsusi çəkisi ümumi daxili məhsula nisbətən aşağıdırsa, deməli, bu halda iqtisadiyyat üzərində böyük borc yükündən söhbət gedə bilməz.
Dövlət borcu haqqında 29 dekabr 1992-ci il tarixli Qanunun qəbul edilməsinə və həmin müddətdən keçən 14 il ərzində ölkə iqtisadiyyatında və onun tənzimlənməsində köklü dəyişikliklərin olmasına baxmayaraq, həmin qanuna heç bir əlavələr və düzəlişlər edilməyib. İqtisadiyyatın maliyyə sisteminin yeniləşməsi isə dövlət borcunun tənzimlənməsi ilə bağlı yeni hüquqi bazanın formalaşdırılmasını tələb edir. Bu layihə dövlət borcu üzrə uçot və hesabatlılığı nəzərdə tutduğuna görə həm kreditorlar üçün, həm də investorlar üçün dövlətin borc siyasətinin şəffaflığını təmin edir. Layihə dövlət borc siyasətinin həm büdcə, həm də pul-kredit siyasəti ilə əlaqələndirilməsinə imkan verir. Belə ki, burada dövlət borc limitinin hər il büdcə zərfi çərçivəsində təsdiq edilməsi göstərilir. Bu da o deməkdir ki, dövlət borcu siyasəti ilə bağlı parlament müəyyən səlahiyyətlərə malik olur və bu prosesdə iştirak edir. Bu qanunun qəbul edilməsi dövlətə imkan verəcək ki, həm daxili, həm də xarici borclar üzrə yaranan öhdəlikləri bir-biri ilə əlaqələndirsin və dövlət borcunu daha səmərəli idarə edə bilsin.
İqtisadçılar yaxşı bilir ki, istər daxili, istərsə də xarici borclanma dövlət üçün müəyyən maliyyə riskləri yaradır. Təqdim edilən qanun layihəsi həm də bu risklərin idarə edilməsi üzrə zəruri prosedurları nəzərdə tutur. Bu prosedurlar dövlət borcunun iqtisadi təhlükəsizlik baxımından məqbul səviyyədə saxlanılmasını təmin edəcək. Bir çox ölkələrdə büdcə məcəlləsi qəbul edilir və burada həm də dövlət borcunun idarə edilməsi ilə bağlı maddələr öz əksini tapır. Bizdə isə büdcə məcəlləsi olmadığına görə dövlət borcunu tənzimləyən xüsusi bir qanunun qəbul edilməsi zərurəti yaranır.
Qanun layihəsinin strukturundan göründüyü kimi, burada dövlət təminatları ilə bağlı xeyli müddəalar öz əksini tapıb. Məsələ burasındadır ki, maliyyə resurslarının artdığı bir şəraitdə dövlətin həm daxili, həm də xarici borc öhdəlikləri üzrə təminat vermək imkanları yaranır. Belə olan halda dövlət təminatlarının verilməsi ilə prosedurların yeni qanunda əks olunması müsbət qiymətləndirilə bilər. Ümumiyyətlə, layihədə bu mühüm müsbət cəhətləri nəzərə alaraq, qanun layihəsinin birinci oxunuşda qəbul edilməsini və ikinci oxunuş üçün təkmilləşdirilməsini məqsədəuyğun hesab edirik. Sağ olun.
Sədrlik edən. Valeh Ələsgərov.
V. Ələsgərov. Çox üzr istəyirəm, qısa bir çıxışımı dinləməyinizi xahiş edirəm. Onun da səbəbi prosedurlarla bağlıdır. Bu qanun layihəsi birinci oxunuş üçün təqdim olunubdur. Borcalmanın siyasi, iqtisadi, psixoloji cəhətdən qiymətləndirilməsi, yəqin ki, düzgün deyil. Məlumat üçün deyim ki, dünyanın ən qüdrətli, ən zəngin ölkəsinin borcu qalan ölkələrin hamısının borcundan artıqdır. Borclanma maliyyə siyasətinin bir alətidir. Ona görə də mən təklif edirəm ki, gəlin, birinci oxunuşa aid müzakirələrə qayıdaq. Konseptual cəhətdən biz belə bir qanunun müzakirəyə çıxarılmasının lehinəyik, yoxsa əleyhinəyik? Mən inanıram ki, hamı lehinədir.
Mənim fikrimcə, konseptual cəhətdən bu qanun layihəsində boşluq var. O boşluq da daxili borcalmalara aiddir. Hər bir dövlət çalışar ki, birinci növbədə daxili bocalmalardan istifadə etsin. Bunun təhlükəsizliyini sadalamaq istəmirəm. Bu, aydın məsələdir. Bu həm də bəzi makroiqtisadi göstəricilərin tənzimlənməsinə yönəlir. Azərbaycan bu gün elə bir vəziyyətdədir ki, artıq maliyyə vəsaitlərini qanun çərçivəsində uzunmüddətli maliyyə alətlərinə yönəldə bilməsək, bu artıq vəsait bizim üçün yeni bəlalar aça bilər. Birinci növbədə ən sadə variant inflyasiyadır. İnflyasiyaya təsir edən iki göstəricidən biri bazarda olan pul vəsaitinin həcmi, digəri isə bu pul vəsaitinin dövriyyə sürətidir. Fiziki və hüquqi şəxslər üçün uzunmüddətli maliyyə alətləri yaranmırsa, bu pul tez alına bilən və satıla bilən vəsaitlərə yönəlir. Bu da inflyasiyanı və başqa prosesləri qızışdırır. Ona görə də mənim fikrimcə, ikinci oxunuşa qədər qanunun daxili borcalmalar hissəsi konseptual cəhətdən daha ciddi, daha dəqiq şəkildə işlənməlidir. Bu borcalmaları təşviq etməyə və əhalinin, fiziki, hüquqi şəxslərin bu prosesdə iştirakını təmin etməyə yönəldilən tədbirlər nəzərdə tutulmalıdır.
Bundan başqa, konseptual cəhətdən mənim yenə də bir xahişim var. İndi Əli müəllim də mənim ağrılarımı hiss elədi və qəbul elədi. Yenə də mən deyirəm. “Dövlət qarantiyası” nədir? Azərbaycan dilində “qarantiya” sözünü əvəz edən söz yoxdur? Onda gəlin, başqa sözləri də xarici sözlərlə əvəz edək. Birdəfəlik dilimizi bilək. “Dövlət qarantiyası”nı “dövlət zəmanəti” ilə əvəz etmək olmaz? “Dövlət qarantiyası reyestri” sözlərini oxuyan Azərbaycan vətəndaşı bunu necə başa düşəcək? Konseptual cəhətdən bunlara da diqqət yetirmək lazımdır.
Ziyafət müəllim, çox üzr istəyirəm, bayaq bundan qabaq müzakirə elədiyimiz qanun layihəsi ilə bağlı Sizinlə danışdıq. Mən nəyə görə buna diqqət yetirmək istəyirəm. Mənim fikrimcə, biz buna diqqət yetirməsək, xoşa gəlməyən bir nümunə yaradarıq. Deputatların çoxunun çıxışında belə bir fikir səsləndi ki, bu, mövcud olan fəaliyyətin dövlət tərəfindən tənzimlənməsini təmin etmək üçündür. Xanımlar və məndən yaşca böyüklər burada olmasaydı, mən bəzi mövcud olan fəaliyyət növlərinin adını çəkərdim. Onda onlar da dövlət tərəfindən tənzimlənməlidir? Bu nə ifadədir? Çox sağ olun, bəzi ifadələrimə görə üzr istəyirəm.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Pənah Hüseyn.
P. Hüseyn. Sağ olun. İclasımız sona yaxınlaşır və növbəti iclas ayın 20-də olacaq. Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin 15 illiyi tamam olur. Mən fürsətdən istifadə eləyib, hamını bu əlamətdar tarixi hadisə münasibəti ilə təbrik edirəm.
Qanun layihəsi ilə bağlı çıxışıma keçirəm. Bu, qanunun qəbul edilməsinin müasir tələblərə cavab verməməsi ilə bağlı deyil. “Korrupsiyaya qarşı mübarizə haqqında” dövlət proqramında qanunvericilik sahəsində qəbul edilməsi nəzərdə tutulan siyahıda Dövlət borcu haqqında yeni bir qanunun qəbul edilməsi nəzərdə tutulmuşdu. Ona görə də qanun layihəsi istər beynəlxalq miqyasda, istərsə də Azərbaycanın daxilində, korrupsiyaya qarşı mübarizənin tələblərinə hansı şəkildə cavab verib-verməməsi baxımından dəyərləndirilməlidir. Buradakı müddəaların həmin məqsədə hansı dərəcədə müvafiq olub-olmamasını da biz nəzərdə tutmalıyıq.
Konkret olaraq, əsas məsələ dövlət borcunun alınması və onun istifadə olunması, onun tərkibi şəffaflığın olması barədə cəmiyətə, ictimai təşkilatlara, qeyri-dövlət təşkilatlarına kifayət qədər məlumatın verilməsi ilə bağlıdır. Qanun layihəsində belə bir müddəa var. Göstərilir ki, xarici dövlət borcunun, ümumiyyətlə, dövlət borcunun tərkibi haqqında məlumatlar hamı üçün açıqdır. Deməli, bu, internet saytında yerləşdirilir. Amma Maliyyə Nazirliyinin indi mövcud olan internet saytına baxsaq görərik ki, xarici dövlət borcu haqqında ayrıca bir bölmə var. Təxminən səhifənin üçdə iki hissəsi qədərdir. Ümumi göstəricilərdən, hamıya məlum olan, kütləvi informasiya vasitələrində dəfələrlə dərc olunmuş, müxtəlif brifinqlərdə, tədbirlərdə səsləndirilmiş ən ümumi məlumatlardan başqa burada heç nə yoxdur. Mənə elə gəlir ki, həmin müddəa olduqca mühüm əhəmiyyətə malik bir məsələyə həsr olunduğuna görə konkretləşdirilməlidir. Əlbəttə, dövlət sirri hesab olunmayan müqavilələrin, sənədlərin bütövlükdə həmin saytda yerləşdirilməsi barədə də burada hansısa bir müddəa olmalıdır.
Hörmətli Milli Məclis üzvləri, əlbəttə, burada bəzi hörmətli deputatların dediyi kimi, müxalifətdən olan opponentləri Azərbaycan dövlətinin nə qədər borclu olub-olmaması maraqlandırır. Yəni maraqlı cəhət nədir? Mən xüsusi olaraq bu çıxışa hazırlaşmadığıma görə, ola bilsin ki, bəzi rəqəmlərdə müəyyən səhvlər olsun. Amma ümumi rəqəmlər məlumdur. Səhv eləmirəmsə, keçən il adambaşına düşən xarici dovlər borcu 189-191 ABŞ dolları idi. Bu il artıq ilin birinci yarısında 209 rəqəmi səsləndi, sonra 217 dollar səsləndi. Yəni bu artım davam etməkdədir. Ümumi daxili məhsula nisbətdə 18 faiz dünya təcrübəsinə görə qorxulu hədd sayılmır. Hələ bir qədər də inkişaf etdirilir. Hər halda bu borcun bizim gələcək nəsillərin üzərində qalması bizi narahat etməyə bilməz.
Narahatlıq doğuran əsas məsələ, Aydın Mirzəzadənin dediyi kimi, alınan dövlət borclarının səmərəli istifadəsidir. 1 milyon 800 min dollar həcmində dövlət borcunun təxminən 700 milyon dollara yaxını elektrik enerjisinin inkişafı üçün alınıbdır. Təxminən 600 milyon dollar idi, indi bir az artıb, 700 milyon dollar olub. Azərbaycanda bu qədər böyük bir vəsaitin sərf olunmasına baxmayaraq, bütövlükdə 24 saat ərzində, səhv etmirəmsə, hətta Aydın müəllimin seçildiyi Mingəçevir şəhərində də işıq verilmir. Mən respublikanın digər rayon və şəhərlərini sadalamıram. Görün, vəziyyət hansı fəlakətli həddə çatıb ki, sovet dövründə olduğu kimi, işıq pullarının yığılması üçün polis orqanları, prokurorluq orqanları və s. işə salınıb. Yaxud həmin dövlət borcunun, səhv etmirəmsə, 112 milyon dolları, hörmətli Aydın müəllim, kənd təsərrüfatı və meliorasiyanın inkişafı üçün alınıbdır. Mən kənd təsərrüfatındakı vəziyyət üzərində geniş dayanmaq istəmirəm. Hamımıza məlumdur. Həmin dövlət borcunun üçüncü hissəsi su təchizatı ilə bağlı alınıbdır. Bakının Badamdar qəsəbəsində, yaxın ətrafda, mən hələ Bakı şəhərinin mərkəzini demirəm, daimi su təchizatı yoxdur. Biz cəmi bir neçə saat su ala bilirik. Bəzi binalarda isə su çatmır. Mən bu məsələləri çox sadalaya bilərəm. Yəni alınan dövlət borcları, həqiqətən, təyinatı üzrə xərclənməlidir. Korrupsiya onu mənimsəməli deyil. Necə olur ki, dövlət borcu hesabına çəkilən 40 kilometrlik Ələt-Qazməmməd yolu, hamımız gedib gəlirik, kənd yollarına düşmək vəziyyətindədir. Bu, təxminən 800 milyon dollar vəsait deməkdir. Həmin yolun hər kilometrinə 1 milyon dollar kredit xərclənib, dövlət zəmanəti ilə borc alınıbdır.
Mən bu məsələlərə ona görə diqqəti cəlb etdim ki, həqiqətən, istər müxalifətdə, istərsə də iqtidarda olan, Azərbaycanın mənafeyini üstün tutan şəxslərin hamısını səmərəlilik məsələsi ciddi maraqlandırır və narahat edir. Şübhəsiz ki, qanun layihəsinin müzakirəsində səslənən fikirlərə mən də qoşuluram. Dövlət borcunun alınması, sərf olunması, istifadə olunması üzərində xüsusi nəzarətin, o cümlədən parlament nəzarətinin olması bu cəhətdən mühüm əhəmiyyət kəsb edir. Bu, açıq, aydın, qəti müddəa şəklində qanun layihəsində öz əksini tapmalıdır.
Mən bir məsələyə də sizin diqqətinizi cəlb etmək istəyirəm. Biz “Gender bərabərliyi haqqında” Qanunu müzakirə edərkən, orada gender bərabərliyinin təminatı sahəsində dövlətin vəzifələri ilə bağlı müddəa vardı. Həmin müddəa qanunvericilik orqanına və hakimiyyətin digər qollarına da aiddir. Bu qanun layihəsində isə bütün səlahiyyətlər icra hakimiyyətinə verilir. Qanunların icrasında müəyyən səlahiyyətlər, şübhəsiz, müvafiq icra hakimiyyəti orqanına verilməlidir. Amma mənə elə gəlir ki, əgər səlahiyyətlər icra hakimiyyəti orqanına verilirsə, dövlət borcunun səmərəli istifadəsi üçün həmin icra hakimiyyəti orqanının vəzifələri də layihədə ayrıca bölmələrdə, bəndlərdə, müddəalarda öz əksini tapmalıdır. Məsələn, ümumi şəkildə dövlətin investisiya strategiyasını işləyib hazırlayır və dövlət borclarından buna uyğun istifadə olunur. Hansısa bir rayonda kanalizasiyanın inkişafına, ekologiya proqramına, hətta bu yaxınlarda Samur, Dəvəçi tərəfdə hansısa bir qoruğun yaradılmasına kreditin alınmasını Azərbaycan dövləti qanunvericilik qaydasında Milli Məclisdə müzakirə edib təminat verdi.
Əsas diqqət ona yönəldilməlidir ki, hər verilən borca görə dövlət zəmanəti istəməsinlər. Bizim ölkədə düzgün iqtisadi sistem olsa, iqtisadi münasibətlərimiz beynəlxalq standartlara uyğunlaşsa, hər verilən kreditə görə bizdən dövlət zəmanəti istəməzlər. İqtisadi münasibətlərin, ümumiyyətlə, iqtisadiyyatın inkişafında strateji kurs bundan ibarət olmalıdır. Biz gərək dövlət zəmanəti ilə verilən borcların maksimum şəkildə az olmasına, maksimum məhdudlaşmasına nail olaq.
Mən bir daha sizin diqqətinizi bu məsələlərə cəlb edərkən çox istərdim ki, bu mühüm məsələlər ümummilli xarakter daşıdığına görə, hamımızı maraqlandırdığına görə, övladlarımızın taleyi ilə bağlı olduğuna görə bunu yalnız siyasi opponentlik məsələləri, iqtidar-müxalifət məsələləri kimi yox, həqiqətən, elmi – nəzəri şəkildə, müasir iqtisadiyyat elminin tələblərinə, səviyyəsinə uyğun şəkildə müzakirə edib, müasir standartlara cavab verən qanun layihələrinin qəbul edilməsinə nail olmalıyıq. Bir daha sizi müstəqilliyimizin 15 illik bayramı münasibəti ilə təbrik edirəm. Təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli deputatlar, bildiyiniz kimi, bizim bugünkü iclasımızda qanun layihəsinin müzakirəsinə dəvət olunmuş şəxslər, müvafiq nazirliklərin nümayəndələri iştirak edirlər. İcazənizlə, sözü maliyyə nazirinin müavini Heydər Əsədova verirəm. Buyurun.
H. Əsədov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Hörmətli sədarət, hörmətli millət vəkilləri, ilk öncə, icazə verin, bu qanun layihəsinin hazırlanmasında əsas subyekt kimi iştirak edən Maliyyə Nazirliyi adından dəyərli təkliflərinizə, iradlarınıza görə və bu layihənin ətraflı hazırlanmasında yaxından göstərdiyiniz səylərə görə hər birinizə təşəkkürümü bildirim.
Ümumən, onu bildirmək istəyirəm ki, bu qanun layihəsi komissiyalarda müvafiq qaydada müzakirə olunarkən hörmətli millət vəkilləri dəyərli təkliflər irəli sürmüşlər. Keçən dövr ərzində irəli sürülən bir sıra təkliflər İqtisadi siyasət daimi komissiyası tərəfindən araşdırılaraq nəzərə alınmış və müəyyən boşluqlar aradan qaldırılmışdır. Bundan sonra da hörmətli millət vəkilləri tərəfindən irəli sürülən təkliflər bizim tərəfimizdən bir daha araşdırılmalı, aidiyyəti qurumlarla, ekspertlərlə razılaşdırılmalı və müəyyən boşluqlar aradan qaldırılmalıdır.
Bununla bərabər, hörmətli millət vəkilləri tərəfindən irəli sürülən bir sıra məsələlərə aydınlıq gətirməyi özümə borc bilirəm. Mən hesab edirəm ki, millət vəkili Azər Əmiraslanov qaldırılan bir çox məsələləri həddindən artıq peşəkarcasına cavablandırdı. Həmin cavabı bu və ya digər şəkildə müəyyən əlavələrlə yenidən izah etmək məcburiyyətindəyik.
Bir çox millət vəkillərinin qaldırdığı əsas məsələ borcun limitinin, tərkibinin qanun layihəsində göstərilməsi və yaxud ona nəzarətin parlament tərəfindən həyata keçirilməsi ilə bağlıdır. Məlumat üçün bildirirəm ki, Azər müəllim də qeyd etdi, borc siyasəti ümumi fisqal siyasətin tərkib hissəsidir. Yəni büdcə siyasətinin hər bir elementinin qanun layihəsində ayrı-ayrılıqda göstərilməsinə ehtiyac yoxdur. Büdcə siyasətinin tərkib elementi kimi büdcə zərfi qəbul olunarkən millət vəkilləri tərəfindən həm borcun həddi, həm onun strukturu, həm də limiti müzakirə edilə və müvafiq qərarlar qəbul oluna bilər. Büdcə sistemi haqqında mövcud qanunvericilik hörmətli millət vəkillərimizə bu imkanı verir.
İkincisi, “qarantiya” məsələsi bir neçə dəfə vurğulandı. “Qarantiya” sözünün “zəmanət” sözü ilə əvəz edilməsinə biz də tərəfdarıq. Lakin hüquqşünasların təklifi ilə bu söz Mülki Məcəllənin müvafiq maddəsinə uyğun olaraq dəyişdirilmişdir. Yəni Mülki Məcəllənin müvafiq maddələrində “zəmanət” sözü yox, “qarantiya” sözü var. Əgər hüquqşünaslar məsləhət bilərsə, həm Mülki Məcəllədə, həm də qəbul edəcəyimiz bu qanunda həmin anlayışın “zəmanət” sözü ilə əvəz edilməsinə çox məmnuniyyətlə razılıq verərik.
Daxili, xarici borc məsələsi uzun müddət müzakirə olundu. Daxili, xarici borc, onların həcmi, onların arasında nisbət məsələsi direktiv göstərici deyil, büdcə zərfi ilə müəyyənləşdirilir. Bu borcların, yəni daxili və xarici borcun həcmi konkret şəraitdə, ölkədə mövcud olan iqtisadi şəraitdə resursların və tələb-təklifin həcmindən asılıdır. Azər müəllim onu da doğru qeyd etdi ki, bu gün ölkədə daxili borclanmanın səviyyəsi aşağı halda 13 faiz, yuxarı halda 24 faiz həddindədir. İqtisadi cəhətdən əsaslandırmadan xarici və daxili borcların faiz nisbəti ilə bağlı müddəaların qanuna salınması həddindən artıq təhlükəli meyldir. Bu, Milli Bank, İqtisadi İnkişaf Nazirliyi və digər iqtisadi qurumların konkret şəraitdə apardıqları hesablamalarla və mövcud şəraitlə müəyyənləşdirilə bilir. Dövlət bu qanunun predmeti daxilində onun idarəetmə qaydalarını həyata keçirə bilər.
Müzakirələrdə strategiya məsələsi də bir neçə dəfə qaldırıldı. Büdcə zərfi ilə həmin limit həddi müəyyənləşdirilərkən millət vəkillərinə həmin strategiya təqdim olunur. Bu gün də qanun layihəsi sizə təqdim olunarkən bu strategiya sizə verilmişdir ki, hər bir millət vəkili borclanma haqqında strategiya ilə tanış olsun. Bilmirəm, millət vəkillərinə paylanıb, ya yox, daxili borclanmanın qanunda kifayət qədər işıqlandırılmaması və digər məsələlərlə biz tamamilə razıyıq. Qeyd etdiyim kimi, həm işçi qaydasında, həm də ekspert qruplarında təkliflərdən istifadə ediləcək. Daxili borcdan danışarkən nəzərə almaq lazımdır ki, bu borcun mahiyyəti, təyinatı və məqsədi var. Daxili borc ya büdcənin mahiyyətini müəyyənləşdirmək üçün istifadə olunmalıdır, ya da makroiqtisadi göstəriciləri tənzimləmək, diskriminasiya məqsədi ilə bazardan qiymətli kağızlar vasitəsi ilə vəsaitin götürülməsi, ölkənin milli valyutasının möhkəmləndirilməsi məqsədini daşımalıdır. Biz bir tərəfdən büdcə kəsirini azaltmaq və manatın kursunu nisbətən optimal saxlamaq siyasətini yeritməli, digər tərəfdən, daxili borclanmaya əsassız getməməliyik.
Siz bu qanun layihəsini konseptual cəhətdən bəyəndiyiniz təqdirdə, təbii ki, mən dediyim arqumentlər nəzərə alınmaqla, sizin hər birinizin çıxışının stenoqramını alıb onun üzərində işləyəcəyik. Bu qanun layihəsinə müəyyən əlavələr ediləcək. Mənim məqsədim isə ondan ibarətdir ki, qeyd etdiyim amilləri də nəzərə alasınız. Hər birinizə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Cavid Qurbanov.
C. Qurbanov. Çox sağ olun, Ziyafət müəllim. Bu qanun layihəsi ilə əlaqədar mən də öz fikirlərimi bölüşmək istəyirəm. Borclanma siyasəti dövlətin formalaşmasında, iqtisadiyyatın inkişafında əsas amillərdən biridir. Hörmətli akademikimiz bunun çox gözəl izahını verdi. Dünya valyuta bazarında, pul bazarında, ümumiyyətlə, ölkələrin iqtisadi inkişafında borclanma əsas yerlərdən birini tutur. Ölkənin iqtisadi reytinqinin yüksəlməsi, həmin ölkəyə borc verilməsi o deməkdir ki, həmin ölkə dünya tərəfindən həm qəbul olunur, həm də maliyyə bazarında onun qiyməti olur, sayılır. Həmin ölkəyə borc verdikcə onun iqtisadi reytinqi günü-gündən artır.
Burada borclanmanın bir çoxu avtomobil yollarının kreditləşməsinə yönəlmiş borclardır. Avtomobil yolları üçün bu günə qədər təqribən 750 milyona yaxın vəsait ayrılıb, yəni maliyyə borcları vardır. Mən sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu borcların ümumi qaytarılma müddəti 15 ildən az deyil. Bunların güzəştli müddəti 3 və 5 ildir, bəzi yerlərdə isə 20-25 ildən artıqdır.
Burada bəzi məsələlər qaldırıldı. Bizim hörmətli deputatlarımızın bəziləri çox qeyri-obyektiv danışırlar ki, su çəkilmədi, işıq olmadı. Amma iqtidarın nümayəndələri və iqtidarda olan adamların heç birinin əlində sehrbaz çubuğu yoxdur ki, bir gündə hamısını düzəltsin. Bu, illərlə yığılıb qalan məsələlərdir və bu məsələlər də günü-gündən düzəlməkdədir. Ölkədə avtomobil yollarının uzunluğu 19 min kilometrdir. Bunlar Nəqliyyat Nazirliyinin balansında olan yollardır. 1992-1993-cü illərdə bu yolların hər kilometrinə ölkə tərəfindən qoyulan vəsaitin miqdarı, demək olar ki, 100 dollardan artıq deyildi. Bu gün isə həmin yolların saxlanması üçün hörmətli Prezidentimiz və Maliyyə Nazirliyi tərəfindən tədbirlər görülür və yollar inkişaf edir. Verilən kreditlərin qaytarılma müddəti dövlət zəmanəti altındadır və onların da 2008-ci ilə qədər müddəti var. Bundan sonra da nəzərdə tutulur ki, 1 milyard 100 milyona qədər yeni borclar alınsın. Bunların hamısının 14-15 il, 18 il, bəlkə də 20 ildən çox geri qaytarılma vaxtı var. Əgər bizə borc verirlərsə, deməli, həmin ölkə inkişaf edir. Ona görə də bu qanun borclanma siyasətini həll etmir. Bu, sadəcə olaraq, bazadır. Ona görə də bu qanun layihəsinin birinci oxunuşda qəbul olunmasını təklif edirəm. Sonra maddə-maddə baxarıq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun, Ziyafət müəllim. Bu gün müzakirələr qızğın gedir, geniş, maraqlı fikirlər söylənilir. Çünki bu qanun layihəsi bizim iqtisadiyyatımız üçün olduqca böyük əhəmiyyət daşıyır.
Hörmətli deputat həmkarlarımın, eləcə də maliyyə nazirinin müavini Heydər müəllimin dediyi fikirlər bu qanun layihəsinin bir daha konseptual baxımdan qəbul olunmasını əsaslandırır və bütün deputatlarda belə bir əminlik yaradır ki, layihə bu gün birinci oxunuşda qəbul olunmalıdır. Mən də bunun tərəfdarıyam. Lakin bir həqiqəti bilməliyik, burada söylənildi, elə dövlətlər var ki, borc istəyir, amma ona borc verən yoxdur. Əgər dövlət borc alırsa, borcu ödəmək imkanları varsa, belə bir şəraitdə həmin borca görə narahat olmağın heç bir mənası yoxdur. Əgər əvvəlki onilliklərə nisbətən borcu ödəmək imkanlarımız 10 dəfə artıqdırsa, deməli, bu bizim iqtisadiyyatımızın müsbət cəhətlərindən biridir. Ona görə də mən güman edirəm ki, millət vəkilləri birinci oxunuşda bu qanun layihəsinin qəbul olunmasına tərəfdar olacaqlar.
Ümumiyyətlə, iqtisadiyyat elmində belə bir sahə var: gəlirlərin kapitallaşması və pul axınlarının diskontlaşdırılması. Artıq sübut olunub ki, bugünkü 10 manat 10 il bundan sonrakı 10 manat deyil, ondan azdır. Ən dəyərli valyutada da belədir ki, bugünkü 1 manat 10 il bundan sonrakı 1 manat deyil. Ola bilsin, 80 sentdir, ya 1 dollar 80 sentdir, ya 1 manat 80 qəpikdir. Bu, sübuta yetirilmiş təcrübədir, elm bunu sübut edir. Ona görə də əgər dövlət borc almaq, onu ödəmək iqtidarındadırsa, üstəlik həmin borc iqtisadiyyatımızın inkişafına, xalqımızın sosial problemlərinin həllinə yönəldilirsə, belə bir şəraitdə bundan çəkinməyə ehtiyac yoxdur.
Ziyafət müəllim, mən hesab edirəm ki, biz bu qanun layihəsini birinci oxunuşda konseptual baxımdan qəbul etməliyik. Bu bizim komissiyanın sədrinin və deputatların çıxışlarında da öz əksini tapdı. Amma bir məsələni də demək istəyirəm. Ziyafət müəllim, dəfələrlə bu məsələyə qayıdırıq və Siz də bunun şahidisiniz. Həmişə “qarantiya” sözünün “zəmanət” sözü ilə əvəz olunması təklif edilir. “Təminat” bir az başqa məna daşıyır. Dəfələrlə məsələ qalxır ki, müəyyən bir söz əvəz olunsun və hamı buna etiraz edir. Amma sonra deyirlər ki, filan məcəllədə 1992-ci ildə belə gedib. İndi 2006-cı ildir. 2080-ci ildə də deyəcəyik ki, belə gedibdir. Səhv edə-edə gedəcəyik? Ola bilməzmi, biz bunu birdəfəlik düzəldək. Məcəllədə də düzəldək. Sonra da düzəlişlərlə qəbul edək ki, birdəfəlik gələcək nəsil bizi qınamasın. Mən hesab edirəm ki, qanun layihəsi məqsədəuyğundur. Bilirik ki, qarşıdan büdcə layihəsi gəlir. Büdcə sisteminin, büdcə işinin tənzimlənməsi, ölkədə iqtisadi siyasətin beynəlxalq ənənələrə uyğun aparılması üçün bu qanun lazımdır. Bu, qanunvericilik təminatıdır və mən bütün deputat həmkarlarımı bu qanun layihəsinin birinci oxunuşda qəbuluna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Xanhüseyn müəllim. Qanunun dili ilə əlaqədar bir neçə kəlmə də mən demək istəyirəm. Hörmətli həmkarım Valeh müəllim bu məsələni çox düzgün qaldırdı. Heydər müəllim də məsələni düzgün qoydu ki, bu məsələ Mülki Məcəllədən irəli gəlir. Mənim yaxşı yadımdadır, 2000-ci ildə biz Mülki Məcəlləni, Mülki-Prosessual Məcəlləni, Cinayət Məcəlləsini, Cinayət-Prosessual Məcəlləsini qəbul etdik. Etiraf edim ki, anlayışlar məsələsində müəyyən qədər tələskənlik olub. Nə fərqi var ki, “qarantiya” sözünü “zəmanət”lə əvəz edək? Eyni sözdür, biri ruscadır, o biri Azərbaycan dilindədir.
Hörmətli Valeh müəllim burada “qarantiya” dedi, “rezident” məsələsi var. “Rezident” sözünə də baxmaq lazımdır. Ona görə də hesab edirəm ki, hörmətli Xanhüseyn müəllim, bu qanun layihəsində qəbul olunmuş terminologiya eyni olmalıdır ki, sonradan başqa cür təfsir olunmasın. Çünki bu qanun tətbiq olunursa, hərə onu bir cür tətbiq edə bilməz. Amma bizə heç kim irad tutmaz, biz “qarantiya” sözünü “zəmanət” sözü ilə əvəz edək. Hörmətli Ziyad müəllim, dil məsələsinə ikinci oxunuşda baxmaq lazımdır. Mən belə başa düşdüm ki, konseptual baxımdan problem yoxdur və hamının fikri ondan ibarətdir ki, bu qanun layihəsini birinci oxunuşda qəbul edək. Ziyad müəllim, deyilən fikirlərə, iradlara bir əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.56 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 84
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da bugünkü iclasımız sona çatır. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi