2006-ci il 14 noyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
IV  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  29

Milli  Məclisin  iclas  salonu.
14  noyabr  2006-cı  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 94 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
F. Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
A. Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
N. Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Ş. Sadıqov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin departament rəisi.
F. Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin departament rəisi.
Z. Fətizadə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarə rəisi.
* * *

N. Nəsrullayev, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
A. Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
C. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
N. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
V. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
A. Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında.
5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
6. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə.
7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə.
9. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə.
10. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə.
11. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
13. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
14. “Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin uzadılması barədə.
15. Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il üçün xərclər smetası haqqında.
16. Azərbaycan Respublikası Hesablama Palatasının 2007-ci il üçün xərclər smetası haqqında.

* * *

Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanunlarının layihələri müzakirə edilmişdir.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                   O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

14  noyabr  2006-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.01dəq.)
İştirak edir 93
Yetərsay 83

Çox sağ olun. Yetərsay var, iclası davam edə bilərik.
Hörmətli millət vəkilləri! Biz dövlət büdcəsinin müzakirəsinə başlayanda mən media nümayəndələrinə də müraciət eləmiş və demişdim ki, müzakirələri qurtarandan sonra hökumət üzvlərinə söz veriləcək, onlar deyilmiş fikirlərə öz münasibətlərini bildirəcəklər. Sonra cənab Prezidentə məruzə ediləcək və biz büdcənin təsdiq edilməsi prosesinə başlayacağıq. Heyif ki, bəzi media nümayəndələri mahiyyətə varmadan qəzetlərində yazırlar ki, büdcə bu gün də qəbul olunmadı. Xahiş edirəm, bir az diqqətli olsunlar.
Gündəliyin üçüncü məsələsinə keçirik. Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Buna Milli Məclisin İqtisadi siyasət və Sosial siyasət daimi komissiyalarında baxılıbdır. İlk söz Ziyad Səmədzadəyə verilir. Buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihəsi İqtisadi siyasət və Sosial siyasət daimi komissiyalarında müzakirə olunmuşdur. Təklif olunur ki, 2007-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 64 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 70 manat, pensiyaçılar üçün 49,7 manat, uşaqlar üçün 52 manat 40 qəpik məbləğində müəyyən edilsin.
Məlumat üçün bildirim ki, bu ilin dürüstləşdirilmiş büdcəsinin müzakirəsi zamanı millət vəkilləri burada, o cümlədən komissiyalarda çox əhəmiyyətli bir təklif irəli sürmüşdülər. Həmin təklifə əsasən “Büdcə sistemi haqqında” Qanuna görə hər il dövlət büdcəsi təsdiq ediləndə ölkə üzrə yaşayış minimumu həddi də təsdiq olunmalıdır. Razılıq hissi ilə qeyd edilməlidir ki, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi bu sahədə əlavə hesablamalar aparmış və büdcə layihəsi ilə bərabər yaşayış minimumu haqqında da konkret materialları təqdim etmişlər. İlk dəfədir ki, Azərbaycan dövlət büdcəsinin tərkibində təqdim olunmuş sənədlərdə həm yaşayış minimumu, həm də ayrı-ayrı kateqoriyalar üzrə onun həddi müəyyən olunur. Bu, irəliyə doğru atılan bir addımdır. Hesab edirəm ki, gələcəkdə də bu məsələnin davam etdirilməsi, müvafiq hesablamaların təqdim olunması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Əlavə materiallara ehtiyac varsa, onlarla bağlı suallara cavab verməyə hazıram.
Ümumiyyətlə, yaşayış minimumu həddinin 64 manat məbləğində müəyyən edilməsi göstərir ki, Azərbaycanda nə qədər çətin də olsa, yaşayış minimumunun dəyəri ildən-ilə artmağa meyil edir. Müqayisə üçün onu demək istərdim ki, keçən illərə nisbətən yaşayış minimumunun həddi artmağa meyil edir. 2005-ci ildə o ölkə üzrə yaşayış minimumunun məbləği 52 manat, 2006-cı ildə proqnoz üzrə 58 manat, 2007-ci ildə 64 manat müəyyən olunub. 2010-cu ildə isə bu rəqəmin 85 manata çatdırılması nəzərdə tutulub. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ölkə üzrə ehtiyac meyarının həddi 2007-ci il yanvarın 1-dən 35 manat, 2007-ci il iyulun 1-dən 40 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının yaşayış minimumuna nisbəti ildən-ilə artmağa meyil edir. 2006-cı ildə ehtiyac meyarının yaşayış minimumuna nisbəti 51,7 faiz təşkil edirdisə, 2007-ci ildə bunun 62,5 faizə, 2010-cu ildə isə həmin rəqəmin 88,2 faizə çatdırılması nəzərdə tutulmuşdur. Təklif olunan qanun layihəsinin lehinə münasibət bildirməyinizi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Sosial siyasət daimi komissiyası sədrinin müavini Musa Quliyev, buyurun.
M. Quliyev, Milli Məclisin Sosial siyasət daimi komissiyası sədrinin müavini.
Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihəsi Sosial siyasət daimi komissiyasında da müzakirə olunmuşdur. Komissiyada Azərbaycanda ilk dəfə olaraq yaşayış minimumu və ehtiyac meyarının müəyyən olunması və Milli Məclisə təsdiq üçün göndərilməsi müsbət hal kimi qiymətləndirilmişdir. Komissiyamızda Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatları dinlənmiş, qanun layihəsi komissiya üzvləri tərəfindən müsbət qəbul olunmuş və bu məsələyə Milli Məclisdə baxılmasına razılıq verilmişdir. Komissiya belə hesab edir ki, bu, Azərbaycanda sosial siyasətin inkişafında yeni bir addım olacaqdır. Eyni zamanda, komissiyada üzvlər tərəfindən belə bir fikir də səslənmişdir ki, Milli Məclisdə müzakirə zamanı yaşayış minimumunun 2007-ci ildə orta həddinin 70 manata, ehtiyac meyarının orta həddinin isə 40 manata çatdırılması barədə Milli Məclisin deputatları təkliflər versələr, daha yaxşı olardı. Ümumiyyətlə, komissiya qanun layihəsini müsbət hesab edir, onun Milli Məclisdə müzakirə edilib qəbul olunmasını xahiş edir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Müzakirələrə keçirik. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri! Müzakirə olunan məsələ ilə bağlı nəyi bildirmək istəyirəm. Bizim üçün maraqlı orasıdır ki, bu rəqəmlər hansı meyarlarla müəyyənləşib, onu bilək. Niyə əmək qabiliyyətli əhali üçün bu, 70 manat, pensiyaçılar üçün 49,7 manat, uşaqlar üçün 52,4 manat müəyyənləşib? Bəlkə də elə bu pensiyaçıların yaşayış minimumunu digərləri ilə müqayisədə artıraq? İşləyən, yəni əmək qabiliyyətli insanlar onlardan artıqdır? Onlara burada az məbləğ müəyyənləşdirməyin səbəbi nədir? Pensiyaçıların çoxu övladlarının himayəsində yaşayırlar. Amma o da var ki, övladların da bəzilərinin öz valideynlərinə lazımi qayğı göstərmək imkanları çox deyil, məhduddur. Ona görə istərdim ki, bu məsələyə bir aydınlıq gətirilsin. Öz tərəfimdən təklif edirəm ki, yaşayış minimumu bütün kateqoriyadan olan insanlar üçün eyni məbləğdə müəyyən olunsun.
Ehtiyac meyarı üçün 35 manat çox aşağı bir həddir. Burada əgər yoxsulluğa qarşı mübarizədən, xüsusi ilə yoxsul vəziyyətdə yaşayan insanların həyat şəraitinin qismən yaxşılandırılmasından söhbət gedirsə, Azərbaycan dövlətinin bu gün kifayət qədər maliyyə ehtiyatları var. Bu maliyyə ehtiyatları imkan verir ki, o məbləği ən aşağısı 50 manata qədər qaldırmaq mümkün olsun.
Oqtay müəllim, başqa bir məsələni burada demək istəyirəm. Hesab edirəm ki, o, müzakirə elədiyimiz məsələdən də az əhəmiyyətli deyildir. Türkiyənin “D” televiziya kanalında bütün azərbaycanlı qadınlar əxlaqsızlıqda ittiham olunub. Bu, çox ağır formada bir təhqirdir. Bütün cəmiyyətdə bu barədə söhbət gedir. Hesab edirəm ki, bunun arxasında ya ermənilər dayanıblar, ya da hansısa böyük qüvvələrin bu məsələdə barmağı var. Bu, iki qardaş xalq arasında düşmənçilik toxumu səpməkdir.
Naxçıvanın ali vəzifəli şəxsi haqqında çox nalayiq söhbətlər yayılır. Bunu yayan şəxs deyir ki, mənim arvadım əxlaqsızlıq edir, amma mən onu çox sevirəm, onunla bir yerdə olmaq istəyirəm, amma mənə imkan yaratmırlar. Görün, belə bir namussuz, ləyaqətsiz kişinin sözü ilə bütünlüklə Azərbaycan qadınları, Azərbaycan xanımları çox pis formada təhqir olunubdur. Nuşirəvan Məhərrəmli öz yerli televiziya kanallarımıza problem yaratmaqla məşğuldur. Bəs o, ölkəni gözdən salan, heç bir hüquqi əsası olmadan Azərbaycanda yayımlanan bu televiziyanı niyə qapatmır? Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim eləyən Rusiya kanallarını niyə qapatmır? Hesab edirəm ki, bu Nuşirəvan Məhərrəmli, ümumiyyətlə, yerində olmayan bir adamdır, o, istefaya getməlidir. Azərbaycan hökuməti də Türkiyədəki həmkarlarına müraciət eləməlidir ki, bunun arxasında nə durur. Aparıcı da müxtəlif zənglərlə bu məsələni daha da dərinləşdirir, Azərbaycan qadınlarını bu yolla təhqir edirdi. Çox sağ olun.
Sədrlik edən. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təbii ki, bu qanun layihəsində əksini tapan məsələ Azərbaycan əhalisini olduqca maraqlandırır, narahat edir. İlk əvvəl onu qeyd etmək lazımdır ki, layihədə qeyd edilən məbləğlərin aylıq, yoxsa illik olması qanunda göstərilməyib. Qanunda, bəllidir ki, aylıq məbləğdən söhbət gedir, amma orta hesabla göstərilən bu məbləğlərin aylıq olduğu dəqiqləşdirilməlidir. Bu, qanunun nöqsanıdır.
Layihədə 2007-ci il üçün yaşayış minimumunu ölkədə adambaşına orta hesabla 64 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 70 manat, pensiyaçılar üçün 49,7 manat, uşaqlar üçün isə 52,4 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulur. İlk dəfə olaraq dövlət büdcəsində yaşayış minimumunun rəqəmlərlə öz ifadəsini tapması olduqca müsbət haldır.
Mən başqa bir məsələyə toxunmaq istəyirəm. Nəzərdə tutulan yaşayış minimumu nəyə yaraya biləcəkdir, biz, əslində, bu gün onu müzakirə eləməliyik. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Xatırladım ki, adı çəkilən qanunda yaşayış minimumundan hansı məqsədlər üçün istifadə olunduğu da göstərilir. Bu məqsədlərdən biri kimi əhalinin aztəminatlı təbəqələrinə dövlət tərəfindən ünvanlı sosial yardım göstərilməsi sisteminin formalaşmasında və tətbiqində yaşayış minimumundan istifadə olunduğu göstərilir.
Müzakirə etdiyimiz layihədə yeni “ehtiyac meyarı” anlayışı yaşayış minimumu ilə bərabər təsdiq ediləcəkdir. Bu ehtiyac meyarının ünvanlı sosial yardım üçün lazım olan rəqəm olduğu qeyd edilir. Axı, “Yaşayış minimumu haqqında” Qanunda bu məbləğlə yaşayış minimumundan istifadə edilə biləcəyi qeyd edilir. İndi hökumət “ehtiyac meyarı” anlayışını gətirməklə, əslində, ünvanlı dövlət sosial yardımlarının həddini daha aşağı məbləğdə müəyyənləşdirmək istəyir ki, bu da yolverilməzdir.
Keçən dəfə hörmətli Səlim Müslümov nəzərimizə çatdırdı ki, ehtiyac meyarının həddi növbəti ildə Azərbaycanda 35 manat nəzərdə tutulduğu halda bu məbləğ Ermənistanda 10,7, Gürcüstanda 21,8, Özbəkistanda 17,4 ABŞ dolları təşkil edir. Ehtiyac meyarının həddi üçün müəyyənləşdirilən məbləğə görə Azərbaycan Belarus, Ukrayna və Qazaxıstandan sonra digər MDB respublikalarından öndədir. Lakin bizim belə bir meyara, ümumiyyətlə, ehtiyacımız varmı? Biz, birinci, bu suala cavab tapmalıyıq. Onsuz da “Yaşayış minimumu haqqında” Qanunda yaşayış minimumundan eyni məqsədlə istifadə edilə biləcəyi göstərilir. Həmin qanunda, eyni zamanda, yaşayış minimumundan hansı istiqamətlərdə istifadə edilməsi də dəqiq müəyyənləşibdir. Məsələn, yaşayış minimumundan əhalinin aztəminatlı təbəqələrinin rifahının yüksəldilməsi konsepsiyasının və dövlət proqramının hazırlanmasında, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında, fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında, əhalinin pul gəlirlərinin, əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində istifadə olunması qeyd olunur. İndi yaşayış minimumunun həddini müəyyən etməkdən daha vacib, göstərilən istiqamətlərin tətbiq olunması məsələsi üzərində müzakirə aparmalıyıq.
2007-ci il yaşayış minimumu həddinin qaldırılması olduqca vacibdir, çünki ölkənin imkanları xeyli genişlənib və bu yaşayış minimumu ilə insanların normal həyat səviyyəsinin davam etdirilməsi mümkün deyil. Bunu, mənim hesablamalarıma görə, 75 manata qədər qaldırmaq imkanları vardır.
Yekunda digər bir məsələyə də toxunmaq istəyirəm. Dünən AzTv-dən parlamentin büdcə müzakirəsindən çəkilmiş süjetə baxırdım. Parlamentdəki çıxışları çox qısaldılmış şəkildə verdilər. Hər çıxışa bir dəqiqə və ya 30 saniyə vaxt ayırırdılar. Məsələn, Bahar xanım geniş bir çıxış elədi. Onu qısaldıb bir dəqiqə verdilər. Mən bunu Milli Məclisə hörmətsiz bir yanaşma kimi qiymətləndirirəm. Məsələn, bu gün Azərbaycanda bütün qüvvələrin marağını təmsil eləyən İctimai televiziyanın 4 milyon Azərbaycan manatı məbləğində vəsaitini kəsirlər ki, televiziya inkişafını dayandırsın, amma AzTv -yə toxunan yoxdur. AzTv, əlbəttə, Milli Məclisin iclaslarına əgər yetərincə vaxt ayırıb, burada səslənən çıxışları hərtərəfli əks etdirə bilmirsə, bunu parlamentə hörmətsizlik sayıram. Milli Məclisin rəhbərliyi bunu, yəqin ki, öz diqqətində saxlayacaqdır. Biz elə eləməliyik ki, cəmiyyətə burada səslənən fikirlərin çatdırılması Milli Məclisin nüfuzunun qaldırılması baxımından AzTv Məclisin iclaslarına kifayət qədər vaxt ayırmağa özündə cəsarət tapsın. Biz bunu şirkətdən tələb etməkdə haqlıyıq, çünki müəyyən mənada dövlət büdcəsindən maliyyələşdirilən bütün kütləvi informasiya qurumları dövlətin ikinci əsas aparıcı qolu sayılan qanunverici orqanın fəaliyyətini geniş işıqlandırmağa özlərini borclu hesab eləməlidirlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri və hökumət nümayəndələri! Mən də hesab edirəm, Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanunu layihəsinin müzakirə edilib qəbul olunması çox vacibdir. Təəssüf ki, təqdim olunan qanun layihəsində əksini tapan rəqəmlər bugünkü Azərbaycan reallığına heç bir vəchlə cavab vermir. Ölkə üzrə adambaşına orta hesabla 64 manat yaşayış minimumu olduqca aşağı rəqəmdir. Hesab edirəm ki, bu rəqəmlə bir adam ay ərzində hətta ən kiçicik problemlərini belə həll eləyə bilməz. O cümlədən burada yaşayış minimumunun əmək qabiliyyətli əhali üçün 70 manat, pensiyaçılar üçün 49,7 manat, uşaqlar üçün 52,4 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulur. Təbii ki, bu nəzərdə tutulan xərclər leqal xərclər üçündür.
Hesab edirəm ki, Azərbaycanın bu gün fəaliyyət göstərən strukturlarında rüşvəti, korrupsiyanı, qeyri-qanuni pul toplamalarını və sairi nəzərə almasaq, bəlkə də bu və buna yaxın bir rəqəmlə barışmaq mümkün idi. Amma uşağı məktəbdə təhsil alan hər bir valideyn bilir ki, onun övladına nə qədər əlavə xərcləri çıxır. Xəstələnəndə səhiyyə ocaqlarında, xəstəxanalarda qanunla nəzərdə tutulmayan hansı əlavə xərclərin, hansı əlavə vəsaitlərin sərf olunması, əlbəttə, bizim bu gün hesabladığımız yaşayış minimumu meyarı ilə ölçülmür. Keçən illə müqayisədə, – keçən il cəmi 58 manat hesablanıb, bu il 64 manat, – büdcənin qalxma nisbətini nəzərə alsaq, adambaşına orta hesabla düşən yaşayış minimumunun fərqi olduqca kiçikdir. Bunu daha yuxarı rəqəmlərlə müəyyən eləmək olardı. Mən hesab edirəm ki, bu məsələni hökumət hərtərəfli şəkildə düşünməli, ilk növbədə leqal yox, həm də qeyri-leqal xərcləri nəzərə almalı idi. Beləliklə, hökumət ya strukturlarında bu cür halların aradan qalxması üçün ciddi səy göstərməli, ya da adambaşına düşən yaşayış minimumunu qaldırmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Əhalinin aşağı təbəqəsinin taleyi ilə sıx bağlı olduğuna görə müzakirəyə təqdim olunan bu sənəd İqtisadi siyasət və Sosial siyasət daimi komissiyalarında müzakirə edilibdir. Həmin müzakirədə rəqəmlərin düzəlişi barədə hörmətli Musa müəllim təklif verdi. İndi isə deputat həmkarım Vahid Əhmədovun mövqeyini də müdafiə etməklə, məsələyə münasibətimi bildirmək istəyirəm.
Birinci, yaşayış minimumunun büdcə müzakirəsinə təqdim olunması müsbət qiymətləndirilir. Amma təqdim olunan rəqəmlər xeyli dərəcədə qüsurludur və onların dəyişdirilməsinə böyük ehtiyac var. Burada 2005, 2006, 2007 və ondan sonrakı illərin yaşayış minimumunun artım tempi səsləndi. Hörmətli Sədr, həmin rəqəmləri Azərbaycanın orta inflyasiya faizinə vurduqda görürük ki, qaldırılan faiz inflyasiya faizindən aşağıdır. Deməli, yaşayış minimumu qaldırılmır. İkinci, yaşayış minimumunun artım tempi ümumi daxili məhsulun artım tempindən üç dəfə aşağıdır. Yeni dəyərin bölgüsündə ədalətsizliyə yol verilib, aşağı təbəqənin maraqları nəzərə alınmır. Üçüncü, yaşayış minimumunun artım tempi büdcənin artım tempindən dörd dəfə aşağıdır.
Büdcənin bölüşdürülməsində də aşağı təbəqənin maraqları lazımınca qeydə alınmır. Ona görə də biz təklif olunan yaşayış minimumu ilə həmkarlar təşkilatının təklif elədiyi yaşayış minimumu arasında kompromis bir mövqeyi Milli Məclisin müzakirəsinə təqdim edirik. Təqdim olunan layihədə yaşayış minimumu 64 manat göstərilib. Həmkarlar təşkilatının təkliflərində, daha doğrusu, hesablamalarında bu rəqəm haradasa 80 manata çatır. Dediyimiz rəqəmləri ortaya qoyanda məlum olacaq ki, təqdim olunan rəqəm həm də beynəlxalq normalardan aşağıdır. Yaşayış minimumunun orta əmək haqqına nisbəti 33 faizdir ki, bu, beynəlxalq normadan aşağıdır. Ehtiyac meyarının orta əmək haqqına nisbəti 21 faizdir. Əmək qabiliyyətli əhalinin yaşayış minimumunun orta aylıq əmək haqqına nisbəti 36 faiz, pensiyaçıların yaşayış minimumunun orta əmək haqqına nisbəti 26 faiz, uşaqlar üçün olan rəqəm isə 27 faiz təşkil edir.
Bunu dinamik götürəndə baxıb görürük ki, hətta 2010-cu ildə Azərbaycanda ehtiyac meyarı yaşayış minimumuna çatmayacaq. 2010-cu il Azərbaycanın neft hasilatında və neft gəlirlərində pik nöqtəsidir. Əgər biz maksimum neft gəlirləri əldə etdiyimiz dövrdə ehtiyac meyarını yaşayış minimumuna çatdırmayacağıqsa, bunu heç bir Azərbaycan vətəndaşı başa düşə bilməz. Ona görə təklif edirəm ki, bu nisbətlər dəyişdirilsin, 64 manat 70 manata, əmək qabiliyyətli əhali üçün nəzərdə tutulan 70 manat 79 manata, pensiyaçılar üçün nəzərdə tutulan 49,7 manat 55 manata, uşaqlar üçün nəzərdə tutulan 52,4 manat isə 58 manata çatdırılsın. 2010-cu ilin rəqəmlərini isə layihədə göstərilən 85 manat əvəzinə 95 manat yazmaq lazımdır. Ehtiyac meyarını isə 2009-2010-cu illərdə artıq yaşayış minimumuna çatdırmaq və birdəfəlik “ehtiyac meyarı” ifadəsindən qurtarmaq lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Siz təkliflərinizi vermisiniz, həm Milli Məclisin rəhbərliyi tərəfindən, həm də aidiyyəti təşkilatlar tərəfindən onlara baxılır. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri və hökumət üzvləri! Təbii ki, bu gün müzakirə etdiyimiz, haqqında danışdığımız məsələ çox vacibdir və yüz minlərlə insanı əhatə edir. Onların həyatına təsir göstərir. O yüz minləri ki, onlar əhalinin ən zəif, aztəminatlı hissəsidir. Mən də həmkarlarımın, Əli müəllimin fikirlərinə qoşuluram. Amma mən bir şeyi aydınlaşdırmaq istərdim ki, nəyə görə məhz bu rəqəmlərin üzərində dayanılıb? Bu gün ölkənin imkanları bunamı çatır? Mən hesab edirəm, bu rəqəmləri, inflyasiya faktorunu nəzərə alıb bundan daha yüksəyə qaldırmaq lazım idi. Əgər burada inflyasiya faktoru nəzərə alınırsa, onda digər mexanizmlərlə bu inflyasiyanı tənzimləmək olmazmı ki, bu rəqəmləri daha yüksəyə qaldırmaq mümkün olsun?
Ötən iclasların birində Dövlət Statistika Komitəsinin sədri belə bir fikir işlətdi ki, deputatlar nədən danışırlar-danışsınlar, daha çox ərzaq məhsullarının qiymətinin bahalaşmasını ortaya gətirirlər. Məncə, bunu təəccüblü qəbul eləmək lazım deyil, çünki digər məhsulları insanlar almaya da bilərlər, ancaq ərzaq məhsulları elədir ki, onların həyatı bundan asılıdır. Odur ki, bugünkü inflyasiyanı nəzərə alıb bu rəqəmlərə diqqət yetirməliyik.
Mən burada xüsusi ilə bir təbəqənin haqqında danışmaq istəyirəm. Əmək qabiliyyətli əhalini, uşaqları belə saxlasaq da, pensiyaçılar üçün yaşayış minimumu, mənə elə gəlir ki, daha çox artırılmalıdır, çünki onlar xəstə və yaşlı insanlardır. Bəziləri, deyildiyi kimi, övladlarının himayəsində qalırlar, amma elələri də var, övladlarının onları saxlamağa gücü çatmır. Pensiyaçılar o təbəqədəndirlər ki, onlar sağlamlıq vəziyyətlərindən asılı olaraq tez-tez həkimə üz tutur, dərmanlar qəbul etməli olurlar. Bu gün ölkədə dərmanların qiyməti bahadır, pulsuz dərman almaq da, demək olar ki, mümkün deyil. Normal tibbi müayinədən keçməyin özü də kifayət qədər vəsait tələb edir. Mənə elə gəlir ki, pensiyaçılar üçün bu rəqəmləri daha da artıra bilərik. Cənab Prezidentə bu məsələ məruzə edilsə, inanıram ki, bu təbəqə üçün rəqəmləri yüksəltmək mümkün ola bilər.
İkinci bir məsələyə də toxunmaq istəyirəm. Bu gün ölkədə, xüsusi ilə bölgələrdə insanların qanunların icrası ilə bağlı ən çox rastlaşdığı problemlərdən biri ondan ibarətdir ki, qanunların izahı lazımi səviyyədə verilmir. Xarici ölkələrə baxaq. Parlamentdə qəbul olunan qanunlar xüsusi parlament kanalı, ya da “Parlament saatı” var, onda əhaliyə çatdırılır. Həmin vaxtlarda həm qəbul olunan qanunların adları bəlli olur, həm də onların müvafiq maddələrinin izahı verilir. Bizdə, sadəcə, dövlət televiziyası, – Fazil müəllim düz deyir, – mən də dünən baxdım, bu qədər vacib məsələ, büdcə qəbul olunur, ona qısa bir vaxt ayırırlar. Mən düşünürəm ki, bu məsələyə müsbət rəy vermiş olsanız, bizdə də parlament kanalının yaradılması imkanı yaranar və buna ehtiyac var. Bunun təbliği dövlət televiziyasının borcudur. Bizə elə gəlir ki, televiziya həm parlamentdə gedən müzakirələrə, həm də qəbul olunan qanunların izahına lazımi səviyyədə, ciddi şəkildə vaxt ayırmalıdır.
Çox maraqlıdır ki, biz dövlət televiziyasının vəsaitini büdcədə bu il də artırırıq, amma Azərbaycanda cəmi bir il bundan əvvəl yaranmış ictimai televiziyaya daha az diqqət yetiririk. Halbuki bizim ona çox böyük ümidlərimiz var, beynəlxalq təşkilatlar qarşısında bu kanala görə öhdəlik götürmüşük, onun vasitəsi ilə həm də kifayət qədər addımlar ata bilirik. Cəmiyyətin bütün təbəqələrini əhatə edən bir televiziya kanalının büdcəsini azaltmaq, əlbəttə, qanuna ziddir. Qəbul etdiyimiz qanunda isə deyilir ki, ictimai televiziyanın büdcəsi artmalıdır. Amma görün, bunu nə ilə əsaslandırırlar? Deyirlər ki, bu vəsaitin bir hissəsi avadanlığın alınmasına ayrılmışdır, ona görə biz bunu kəsirik. O zaman sual verirəm, biz nəyə görə hər il dövlət televiziyasının büdcəsini bu qədər artırırıq, amma bir il bundan əvvəl yaradılan televiziyanın büdcəsini kəsirik.
Burada tez-tez vurğulayırıq ki, jurnalistlərimiz, media maddi cəhətdən müstəqil olsun. Maddi cəhətdən müstəqil olmayan jurnalistlər heç vaxt tam müstəqil yazılar da yaza bilməzlər. Bu, ictimai televiziyada işçilərin əmək haqqına, imkanlarının genişləndirilməsinə təsir edə bilər. İctimai televiziyanın büdcəsinin böyük məbləğdə azaldılması məsələsinə, mən istərdim, aydınlıq gətirilsin. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Cənab Sədr, hörmətli millət vəkilləri və hökumət üzvləri! İlk növbədə, mən istərdim, diqqəti bunun üslubuna cəlb eləyək. Burada yazılıb ki, filan qədər müəyyən edilsin.
Məsələ bundadır ki, yaşayış minimumu qanun layihəsinin müəllifləri tərəfindən yox, bazarda, ictimai həyatın digər sahələrində müəyyən olunur. İmperativ qaydada, iradi qərarlar qaydasında bunu qeyd eləmək, məncə, mümkün deyil. Bunu başqa üslubda “filan qədər olduğu nəzərə alınsın” yazmaq lazımdır və sair. Bəlkə burada bir məntiq də var. Deyək ki, “orta ömür filan qədər müəyyən olunsun” yazsaq, müqayisəli bir fikir də desək, bir statistika göstəricisinə də əsaslansaq, bu, gülməli çıxar. Çünki orta ömrü kim isə müəyyən eləmir. Bu, həmin yazıların, hesablamaların müəlliflərinin iradəsi xaricində olan bir şeydir.
Çıxış edənlər diqqəti ona cəlb elədilər ki, – bəlkə də burada məntiq var, – yəni rəqəmləri verən adamlara iradla başqa rəqəm göstərdilər, dedilər, niyə məhz 70, 72 və ya 80 deyil. Həmkarlar İttifaqları Konfederasiyasında, Dünya Bankının və digər orqanların göstəricilərində daha yüksək, daha fərqli rəqəmlərdir. Məncə, hər şeydən əvvəl, bu rəqəmin hansı metodologiya əsasında hesablandığı ya yazılı izahat, ya da şifahi şərh şəklində millət vəkillərinin diqqətinə çatdırılmalı idi.
Digər bir məsələyə də diqqətinizi cəlb eləmək istəyirəm. Yaşayış minimumu ilə minimum maaş arasında böyük bir fərq var və Azərbaycan Avropa Xartiyasının üzvüdür. Minimum əmək haqqı tək işləyənin deyil, eyni zamanda, ailənin tələbatını ödəməlidir. Bunlar göstərir ki, ölkədə sosial durum ağırlaşır, xüsusən də yuxarılarla aşağılar arasında müdhiş bir fərq yaranır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hökumət üzvləri və parlamentin işini işıqlandıran mətbuat nümayəndələri! Burada məndən qabaq deputat həmkarlarımız çox qiymətli fikirlər irəli sürdülər.
Büdcəyə ilk dəfə olaraq yaşayış minimumu haqqında qanun layihəsi daxil edilibdir. Bu sənəddə göstərilən rəqəmlər bizi, nəinki bizi, eyni zamanda, onların arxasında dayanan insanları təmin etmir və onların taleyində ciddi dəyişikliyə gətirib çıxarmayacaqdır. Amma buna baxmayaraq, prosedur qaydasında belə bir qanun layihəsinin qəbulu, mən hesab edirəm, müsbət tendensiyadır və deyilən təkliflərə mən də şərikəm və xüsusi ilə deputat Əli Məsimli tərəfindən məsələ çox peşəkarcasına əhatə edildi, təkliflər verildi. Cənab Sədr, xahiş edirəm, onun və digər deputatların təklifləri nəzərə alınsın.
Məsələ burasındadır ki, minimum yaşayış həddi deyəndə, səhv eləmirəmsə, biz 2004, ya da 2005-ci ildə Avropa Sosial Xartiyasına qoşulmuşuq. Ona qoşulanda da öz üzərimizə öhdəlik götürmüşdük ki, Azərbaycanda tədricən yaşayış minimumu və ehtiyac meyarı haqqında rəqəmlər Avropa standartlarına yaxınlaşdırılacaq. Mən ayrı bir misalla fikrimi izah eləmək istəyirəm. Azərbaycanda nəyinsə qiyməti qaldırılırsa və bu qiymətin qaldırılması bütövlükdə əhalinin həyat səviyyəsinə təsir edirsə, hökumət bu halda həmin hadisəni bizim Avropaya uyğunlaşdırılmağımızla izah eləyir. Guya bizim inteqrasiya olduğumuz dünyada qiymətlər belədir. Sərhədlərimiz açıqdır, biz qiymətləri aşağı həddə saxlaya bilmərik, ona görə də bu qalxmalıdır ki, sərvətlər ölkəmizdən daşınmasın. Amma elə ki, ehtiyac meyarı, yaşayış minimumu haqqında söhbət düşdü, onda yenə də Azərbaycan standartları əsas götürülür.
Biz inflyasiyanı nəzərə almalıyıq. Təəssüf ki, inflyasiya hökumətin burada təqdim elədiyi kimi birrəqəmli deyil. İnflyasiyanı təqdim eləyən hökumət deyil, onu diktə eləyən bazardır. Bazarla hökumətin rəqəmləri arasında çox böyük fərq var. Mənə elə gəlir ki, ilk növbədə bu fərq nəzərə alınmalıdır.
Çox hörmətli hökumət üzvləri, bizim yaşayış minimumunu 64 manat və ehtiyac meyarını 35 manat müəyyənləşdirdiyimiz adamlar bu rəqəmlərlə gündən-günə bahalaşan bazarın qarşısında necə tab gətirməlidirlər. Götürək əsas ərzaq məhsullarının qiymətini. Son bir ildə ərzaq məhsullarının qiyməti hökumətin rəqəmlərində deyil, həyatda inflyasiya, görün, nə qədər qalxıbdır. Artıq sizin əməkdaşlıq etdiyiniz bütün dünya təşkilatları Azərbaycanda inflyasiyanın ikirəqəmli, özü də sizin təqdim elədiyiniz rəqəmdən xeyli yuxarı olduğunu qeyd edirlər.
Yaxud biz ərzağı götürməyək, götürək sənaye məhsullarını. Məsələn, mənim deputat seçildiyim Çermet adlandırılan yaşayış məntəqəsi var. Son yağışlar zamanı orada yaşayan əhalinin evlərini su basdı və mən gedib o evləri yoxlamışam. Binaların birinci mərtəbələrinin zirzəmiləri yararsız vəziyyətə düşüb. Bu adamlar evlərini yararlı hala gətirmək üçün bir neçə kisə sement almalıdırlar. Baxaq görək, sementin qiymətində ötən ilin bu vaxtı ilə indiki arasında nə qədər fərq var. Təkcə sexdən qapıya gələnə qədər sementin qiyməti 200 faiz bahalaşır.
Evində elektrik lampası yanmış bir pensiyaçı ötən il o lampanı 1 manata alırdı, bu gün alır 2 manat 20 qəpiyə. Bu rəqəmlərdən görünür ki, gündəlik tələbat malları nə qədər bahalaşıbdır. Qəndin, şəkərin, südün, ətin, yağın qiymətinə baxaq. Pərakəndə satışda olan ətin ötən ilki qiymətlərini indiki vaxtla müqayisə eləsək, böyük bahalaşma getməsinin şahidi olarıq. Biz əgər ehtiyac meyarını 35 manat müəyyən ediriksə, bu gün bazarda ətin minimum qiyməti 5 manatdırsa, bu, ay ərzində cəmi 7 kiloqram ət deməkdir. Bəs qalan ehtiyaclarını insanlar nə ilə yerinə yetirməlidirlər?
Mən ayrı bir məsələyə də diqqətinizi cəlb eləmək istəyirəm. Hesab edirəm, inkişaf var, ümumi daxili məhsul artır. Qeyd olundu ki, ümumi daxili məhsul bizdə 34 faiz, amma Rusiyada 4-6 faiz artıb. Necə olur ki, belə bir fərqlə Rusiyada əhalinin, pensiyaçıların, minimum əmək haqqı alanların vəziyyəti ayrı cürdür? Onlar bizdən daha artıq əmək haqqı alırlar, onlara əlavələr də gəlir. Məsələn, Rusiyada daha çox inflyasiyaya məruz qalan Moskva şəhərində yaşayan pensiyaçı dövlətin verdiyi pensiyadan əlavə bir o qədər də şəhər icra hakimiyyətinin verdiyi vəsaiti alır, bununla da inflyasiyaya, artan bahalığa dözə bilir.
Büdcə, deyirik, bu qədər artır. Əgər büdcə artırsa, niyə yaşayış minimumu ilə ehtiyac meyarı haqqında rəqəmlər milyon yarım əhaliyə şamil edilir? Yəni demək istəyirəm ki, büdcə, ümumi daxili məhsul artırsa, bu niyə artmır? Bütün büdcədə təyinatı bəlli olmayan xərclər nə qədər desən, var. Olmazmı ki, təyinatla bəlli olan xərcləri əhalimizin daha çox ehtiyacı olan hissələrinə, həmin istiqamətlərə yönəldək? Birləşmiş Millətlər Təşkilatının Əhalinin uzunömürlüyü haqqında hazırladığı sənəddə Azərbaycanda əhalinin uzunömürlüyünün aşağı düşdüyü aydın şəkildə görsənir. Bu da, heç şübhəsiz ki, bizim sizinlə bərabər müəyyən etdiyimiz minimum yaşayış həddi ilə minimum istehlak meyarı arasında bu rəqəmlərin aşağı olmasının nəticəsidir.
Burada sosial müdafiə ilə bağlı keçən dəfə bir fikir səsləndi. Müsbət bir hal kimi dedilər ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda bu meyarlar elə müəyyən edilib ki, əgər kənd rayonlarında kimin bir hektar torpağı varsa, bu torpaqdan nə cür istifadə etməsindən asılı olmayaraq, o qədər torpağın olması yetərlidir ki, onlar ünvanlı sosial yardıma şamil edilməsinlər. Biz nəzərə almalıyıq ki, enerji daşıyıcılarının, yaxud yanacağın qiyməti artdığından əhalinin onlara verilən pay torpaqlarından istifadə məsələsi, demək olar ki, ötən il və bu il kəskin şəkildə aşağı düşüb. Mən Əli Məsimlinin qeyd etdiyi rəqəmlərlə tam razıyam. Ümidvaram ki, Milli Məclis rəhbərliyinin müdaxiləsi ilə hökumət nümayəndələrimiz bu məsələyə baxacaq, yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı burada göstərilən cüzi rəqəmlərin artırılması istiqamətində zəruri addımları atacaqlar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri və Nazirlər Kabinetinin üzvləri! Aydın məsələdir ki, bu məsələ haqqında kifayət qədər fikir ayrılığı var. Amma mənə elə gəlir ki, bu fikir ayrılığını yalnız bir şeylə ümumi məxrəcə gətirmək mümkündür.
Şübhəsiz ki, burada göstərilən rəqəmləri bənd-bənd izah etməklə bu suallara cavab vermək olar. Hər kəsə aydındır ki, bu gün Azərbaycan vətəndaşının dövlətə ödədiyi bütün kommunal xərcləri, bütün digər ehtiyacları nəzərə alsaq, ərzaq səbətini, yaxud ayrıca geyim vasitələrini nəzərə almasaq, o zaman görəcəyik ki, bizim nəzərdə tutduğumuz hədd pensiyaçılar üçün çox aşağı bir rəqəmdir. Nəzərə alsaq ki, adətən, pensiya yaşında olan insanlar bizim adi minimumda nəzərdə tutduğumuz ərzaq məhsullarından deyil, daha çox xəstəliklərinə uyğun hər hansı pəhriz yeməklərindən istifadə edirlər. Belə olduqda, görürük ki, doğrudan da, bizim burada nəzərdə tutduğumuz rəqəm kifayət qədər yüksəkdir.
Bir məsələni də nəzərdən qaçırmaq olmaz. Hər kəs bilir ki, 18 yaşına qədər şəxslər uşaq kimi nəzərdə tutulurlar. Biz isə burada aşağıdan yuxarı bütün uşaqlar üçün 52,4 manat məbləğində yaşayış minimumu müəyyən etmişik. Aydın məsələdir ki, 1, 2 yaşında olan uşaqla 18 yaşında olan yeniyetmələrin ehtiyacları heç də eyni deyil. İkinci tərəfdən, nəzərdə tutmalıyıq ki, biz yoxsulluqla mübarizə haqqında proqramı artıq üçüncü ildir ki, həyata keçiririk. Beynəlxalq aləmdə gündəlik yoxsulluq həddi 2-4 ABŞ dolları təşkil edir. Əgər biz gündəlik xərclərimizi 4 ABŞ dollarından, yəni yoxsulluq həddində yaşayan insan üçün nəzərdə tutulmuş yaşayış minimumunu 14 ABŞ dollarından saysaq, bu, 30 günə 120 ABŞ dolları edəcəkdir. O da 104 yeni Azərbaycan manatına bərabərdir. Məlumdur ki, yoxsulluq həddində yaşamaq üçün nəzərdə tutduğumuz rəqəmlər bizim üçün heç də kifayət edə biləcək qədər vəsait deyildir.
Ötən çıxışımdakı fikri bir daha təkrar etmək yerinə düşərdi. 2006-cı ilin 9 ayı ilə bağlı Nazirlər Kabinetinin iqtisadi və sosial göstəriciləri barədə cənab Prezidentə hesabatında çox konkret fikirlər var idi. Hər bir Azərbaycan vətəndaşı, hər bir millət vəkili hesab edirdi ki, bu deyilənlərdən burada göstərilən konkret çıxış yolları və fikirlərdən sonra, yəqin ki, Nazirlər Kabineti və digər dövlət məmurları buna konkret reaksiya verməli idilər. Onların məsələ ilə bağlı hər hansı ideyası, fikirləri ortaya çıxmalı idi. Amma yenə də biz öz sürətimizlə, cənab Prezident də öz xətti-hərəkəti ilə gedir. Bu, doğrudan da, əhali arasında bir anlaşılmazlıq yaradır. Məsələn, çox yaxın zamanlarda görüşdüyüm seçicilərimdən eşitdiyim belə bir fikri burada demək yerinə düşər. Dedilər ki, biz sizə baxanda elə başa düşürük ki, İlham Əliyev kimi təyyarədə gedirsiniz. Amma Siz sınıq-salxaq “jiquli”dəsiniz.
Hər halda cənab Prezidentin bugünkü yaşayışımızla, ərzaq məhsullarının qiymətinin qalxması və digər məqamlarla bağlı qeyd etdiyi konkret məsələlərə, verdiyi tapşırıqlara vaxtında reaksiya vermək lazımdır. Deyilən sözlər bu günümüzün reallığıdır. Qanun layihəsində göstərilən rəqəmlər də bugünkü reallığımızla bağlıdır. Güman edirəm ki, inşallah, bu məsələlərlə bağlı dövlətin, Nazirlər Kabinetinin konkret addımları olacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında təqdim olunan sənəd barədə həmkarlarımın dəlil-sübutlu, ciddi arqumentlərə söykənən çıxışlarından sonra danışmağa ehtiyac qalmır. Çünki kifayət qədər əsaslı şəkildə göstərildi ki, qanun layihəsində təqdim olunan rəqəmlər aşağı təbəqədən olan əhalinin yaşayış səviyyəsinə uyğun deyil və onların ehtiyaclarını ödəmir. Bu barədə kifayət qədər danışıldığına görə, mən deyilənləri təkrar etmək istəmirəm. Amma burada Qüdrət bəyin qaldırdığı bir məsələ ilə bağlı kiçik bir arayış verməyə ehtiyac duyuram.
Bizim hamımızı narahat edən bir hadisə baş vermişdi. Türkiyə televiziyası ilə Azərbaycan qadınları təhqir olunmuşdu. Həmin gün mən o proqramın rəhbərini axtarıb tapdım və onunla telefonla danışdım. Dedim ki, biz bir xalqıqsa, nə qədər pisiksə, siz bizdən on qat ondan pissiniz. Siz pissinizsə, biz də sizdən 10 qat pisik. Bu, bir təxribatdır, iki dövlət arasında münaqişə yaratmaq istəyidir. Millət vəkili kimi özümü təqdim etdim. O, çox üzrxahlıq elədi ki, yox, düzgün anlaşılmayıb. Amma hər halda mənim sözlərimdən bir gün sonra təzədən zəng etdilər ki, bizim belə bir niyyətimiz olmayıbdır. Amma düşündük, belə bir qərar qəbul etdik ki, növbəti verilişə Azərbaycandan qadınları dəvət edək, onlar deyilənləri təkzib etsinlər. Ona görə məlumat verirəm ki, birisi gün həmin 4 saatlıq proqramda Azərbaycandan dəvət olunmuş qonaqlar o verilişin cavabını verəcəklər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gültəkin Hacıyeva.
G. Hacıyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hökumət üzvləri və media mənsubları! Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihəsinin müzakirəyə təqdim edilməsi özü-özlüyündə çox müsbət bir addımdır və bu barədə mənim hörmətli həmkarlarım öz fikirlərini səsləndirdilər. Mən də onların dediklərinə qoşuluram.
Müzakirəmizə verilən bu sənəd Azərbaycanda iqtisadi siyasətin tamamilə düzgün, sağlam bir istiqamətdə idarə olunmasından, düzgün idarəetmədən, menecmentdən xəbər verir. İnsanlara, onların maddi rifah halının yaxşılaşmasına yönələn, bu məqsədə hesablanan siyasətin aparılmasından hamımız sevinirik. Əhalinin həm həssas, həm də aztəminatlı təbəqəsi ilə çox ünsiyyətdə olan millət vəkilləri bu problemlərin nə dərəcədə ölkəmiz üçün aktual olduğunu yaxşı anlayırlar. Eyni zamanda, biz bütün müsbət məqamlarla birlikdə müəyyən neqativ hallarla bağlı fikirlərimizi də açıq bildirməliyik. Ən azı ona görə ki, gələcəkdə bu halların qarşısı alınsın. Hörmətli Prezidentimiz İlham Əliyevin dediyi kimi, büdcənin icra olunmasında, büdcəyə nəzarətin həyata keçirilməsində daha cəsarətli olmağımız günün tələbidir. Bu, bizim Prezidentimizin qarşımızda qoyduğu əsas məqsədlərdəndir.
Mən bu qanun layihəsini təqdir edir, onun Milli Məclisə təqdim olunmasını müsbət hal sayıram. Eyni zamanda, bu qanun layihəsi ilə bağlı müəyyən iradlarım var. “Yaşayış minimumu” dünyada qəbul olunmuş bir anlayışdır və əhalinin mövcudluğu, insanın minimal, fizioloji tələbatlarını minimum səviyyədə ödəmək üçün təsbit olunmuş, bazarın tələbləri ilə müəyyənləşdirilmiş və dünya praktikasında təklif olunmuş bir anlayışdır. Ancaq “ehtiyac meyarı” dünya praktikasında mövcud olan bir anlayış deyil.
Ehtiyac meyarı nədir? Bu gün bizə təqdim olunan qanun layihəsinə nəzər salsaq, görərik ki, ölkə üzrə adambaşına nəzərdə tutulan yaşayış minimumu orta hesabla 64 manat götürülüb. Yəni 64 yeni Azərbaycan manatı əhalinin minimum tələblərini ödəmək, mövcud olmaq üçün minimal, əsasən, qida məhsullarına olan ehtiyaclarını ödəmək üçün nəzərdə tutulur. Ehtiyac meyarı kimi nəzərdə tutulan 35 manat və hələ gələn il iyunun 1-dən 40 manat müəyyən edilən bu məbləğ insanların hansı tələbatını, hansı ehtiyacını ödəməyə xidmət edir? 35 manatla hər hansı elementar səviyyədə olan bir tələbatı ödəmək mümkündürmü? Bu suala cavab tapmaq lazımdır.
İkinci, mən büdcənin müzakirəsi zamanı da burada çıxış etdim və məsələ ilə bağlı tənqidi fikirlərimi söylədim. Çox təəssüf ki, bizim hörmətli maliyyə nazirimiz Samir Şərifov bu suala yalnız formal və deklarativ xarakterli bir cavab verdi və o da mövcud faktların təhlilindən ibarət oldu.
Ünvanlı dövlət sosial yardım adlanan bir yanaşma, bir məfhum, düşünürəm ki, problemin həlli üçün düzgün mexanizm deyil. Bu gün həmin mexanizmin tətbiqində, xüsusi ilə bölgələrdə meydana çıxan fəsadlar bunu deməyə əsas verir. Bunu mən də, hörmətli həmkarlarım da dəfələrlə demişik. Bölgələrdə az miqdarda torpağı olan insanlar ünvanlı dövlət sosial yardımı almaqdan məhrumdurlar. Millət vəkili seçildiyim Goranboy bölgəsində 10, 100 hektarlarla torpaq sahələri var ki, ümumiyyətlə, suvarmadan məhrumdur, əksəriyyəti isə süni suvarmaya möhtacdır, çünki ermənilər bölgənin əsas su mənbəyi olan su anbarını nəzarətdə saxlayırlar və əhali yalnız artezian quyuları ilə torpaqlarını suvarır. Quyuların və süni suvarmanın mövcud olmadığı sahələrdə hektarlarla torpağı olan insanlar var ki, onlar heç vaxt əkmədikləri, becərmədikləri və 1 manat da olsa mənfəət götürmədikləri torpağa görə bu gün ünvanlı sosial yardım ala bilmirlər.
Nəzərə alsaq ki, bölgəyə elektrik enerjisi müəyyən limitlə verilir və insanların maddi vəziyyəti çox aşağı olduğu üçün aztəminatlı ailələrin öz pulu ilə də bu enerjidən istifadə edə bilməməsi, doğrudan da, təzadlı haldır. Bu baxımdan problemin aktuallığı bir daha ortaya çıxır. Hörmətli həmkarım Zahid Orucov çıxışında bu barədə demişdi. Bu gün əgər fakt olaraq ölkədə 29 faiz yoxsul əhalinin olduğunu etiraf ediriksə, bu, təxminən 8,5 milyon əhalinin 2,8 milyon nəfəri deməkdir. Bu gün əgər 2,8 milyon adamdan yalnız 50 minə yaxını ünvanlı dövlət sosial yardımı alırsa, bu da həmin yoxsul əhalinin 2 faizdən az bir miqdarı deməkdir. Belə olduqda, ünvanlı dövlət sosial yardımı aztəminatlı əhalinin böyük əksəriyyətinə şamil edilməməsindən çox ciddi problemlər, narahatlıqlar yaranır. Mən çox xahiş edərdim ki, bizim hörmətli hökumət üzvləri bu mexanizmi yenidən işləmək, ona yenidən baxmaq zərurəti barədə düşünsünlər. Digər bir məqam da ondan ibarətdir ki, insanların da bu sahədə olan süründürməçilik halları ilə bağlı şikayətləri çoxdur. Hər hansı bir ünvanlı sosial yardım almaq üçün onlardan çoxsaylı sənədlər tələb edirlər. Bəzən bu sənədlərin verilməsində sui-istifadə, rüşvət halları olur. İnsanları bu hallar çox bezdirir, yorur və narahat edir.
Ehtiyac meyarının 35 manat həddində olması əgər çox ciddi bir problem, narahatlıq doğurursa, ümumiyyətlə, bu mexanizmi də təkmilləşdirməyə ehtiyac var. Yenilikləri sevən və ona geniş meydan verməyi sevən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirib ki, onun siyasətinin əsas mahiyyəti, əsas qayəsi insandır. Çox yaxşı olardı ki, vəzifə başında olan hər bir məmur Azərbaycanda yaşayan insana, onun qayğılarına, ehtiyaclarına yönələn qanun layihələri hazırlayıb Prezidentimizə təqdim etsin. Mənim heç bir şübhəm yoxdur ki, Prezident belə layihələri daim dəstəkləyəcək, onları hazırlayan məmurları təqdir edəcəkdir. Bu baxımdan qaldırdığım məsələyə, istərdim ki, hökumət üzvləri ciddi yanaşsınlar və öz münasibətlərini bildirsinlər.
Ümumilikdə, təqdim olunmuş büdcə zərfində irəliləyişlər, nailiyyətlər göz önündədir və bunu danmaq insafsızlıqdır. İldən-ilə büdcəmizin artımı, əhalinin maddi rifah halının yaxşılaşması göz önündədir. Bunu etiraf və təqdir etmək, həmçinin mövcud problemlərə də ciddi münasibətlə yanaşmaq, şübhəsiz, vacib məsələdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hikmət Atayev.
H. Atayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən təəssüflə qeyd etmək istəyirəm ki, müzakirədə çıxış edən bir çox deputat həmkarım “aztəminatlı təbəqə” deyərkən bura, yəqin ki, həkimləri, müəllimləri, mədəniyyət işçilərini və elm adamlarını aid etmir. Bu gün müzakirə olunan qanun layihəsi dövlətimiz üçün çox vacib məsələ olduğuna görə onu bəzi parametrləri müəyyənləşdirdikdən sonra qəbul etməliyik.
Mən iqtisadçı deyiləm və sosial problemlərin həllində indiyə qədər iştirak etməmişəm. Sadəcə, bir vətəndaş kimi, adi bir həyat məntiqinə görə istəyirəm çıxış edim. İndiyə qədər hər bir insan öz maaşına müəyyən qədər subyektiv və nisbi qiymət verirdi. Təsəvvür edin ki, mən 50 manat maaş alarkən, hesab edirdim ki, bu azdır. Başqa bir vətəndaş 35-40 manat maaş alarkən və onu maaşımla müqayisə edərkən, hesab edirdi ki, mənim maaşım kifayət qədər yüksəkdir. Ancaq bu gün qeyd olunan meyarlar qəbul ediləndə, hər halda elə bir dəqiq ölçü götürülməlidir ki, o, orta əmək haqqı, yaşayış minimumu və ehtiyac meyarına uyğun gəlsin. Belə olduğu halda müəyyən kateqoriyadan olan vətəndaşların maaşları müəyyənləşdirilərkən, ən azı, bu gün qəbul edəcəyimiz meyarlar nəzərə alınmalıdır.
Bəzi deputatlar hesab edirlər ki, burada təklif olunan hədlər azdır. Mənim birinci sualım belədir ki, əgər bu meyarlar qəbul olunsa, üzərində işlədiyimiz büdcənin həmin hədləri təmin etməyə tam imkanı olacaq, ya yox? İkinci, yaxşı olmazdımı, biz əvvəl bu hədləri müəyyənləşdirəydik, ondan sonra büdcə üzərində işləyəydik? Üçüncü sualım. Olmazmı ki, orta əmək haqqı deyəndə, ayrı-ayrı sahələr üzrə əmək haqqı həddi qeyd olunsun? Sağ olun.
Sədrlik edən. Sağ olun. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri və qonaqlarımız! Mən bugünkü müzakirələri keçən həftədəki müzakirələrin məntiqi davamı hesab edirəm. Belə ki, keçən həftə hörmətli həmkarlarım müzakirələrdə məhz bu məsələlərə, dolayısı da olsa, toxundular. Xüsusən ünvanlı dövlət sosial yardımı barədə çox deyildi. Burada əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Eldar müəllim də çıxış elədi və məsələlərə müəyyən aydınlıq gətirdi.
Bizim ölkəmizdə bu institut cəmi 5-6 aydır ki, fəaliyyətə başlayıb. Ünvanlı dövlət sosial yardımı məsələsinə dair tənqidi fikirlərə münasibətimlə bağlı bir şeyi xatırlamaq istəyirəm. Əgər xatırlayırsınızsa, keçmiş SSRİ Ali Sovetinin sessiyasında Oljas Süleymenov çıxış elədi. O, çox “demokratiya” deyənlər, onu istəyənlər barədə belə bir fikir yürütdü ki, biz təzəcə ailə qurmuş gənc bir gəlindən 30 illik ailə həyatı yaşayan bir qadının bütün işlərini tələb eləyirik. 5-6 ay yaşı olan ünvanlı dövlət sosial yardımı məsələsinə də bizim ölkəmizdə belə münasibət ola bilər. Amma ölkənin maliyyə vəziyyətindən, ümumiyyətlə, əhalinin durumundan asılı olaraq, bu, hesab edirəm, çox lazımlı bir institut kimi ehtiyac meyarını dəyişməklə, operativ qaydada sosial mühitin dövlət tərəfindən idarə edilməsinə imkan verər.
Eldar müəllimin bir fikri ilə mən razıyam ki, əhalini müəyyən dərəcədə tənbəlliyə öyrətmək olmaz. Yəni mən yaşadığım mühitdən görürəm ki, o kənd ailələrində ki valideynlərin hər ikisi pensiyaçıdırlar, onların gənc övladları müəyyən dərəcədə torpaqla bağlı işlərə həvəslə getmirlər. Yəni bunun tətbiqində o qızıl ortaq məxrəci mütləq gözləmək lazımdır. Burada çoxlu problemlər də var.
Çox hörmətli həmkarım Gültəkin xanım birbaşa torpaqla bağlı adamlar barədə məsələ qaldırdı. Bu dəqiqə kənd adamları torpağı olduqları üçün ünvanlı dövlət sosial yardımından tamamilə kənarda qalıblar. Təsəvvür eləyin ki, burada deyildiyi kimi, bir hektar torpaq sahəsi olan insan necə yaşamasından, torpaq sahəsini becərə bilib-bilməməyindən, onun ailəyə gəlir gətirib-gətirməməyindən asılı olmayaraq, belə bir institutun fəaliyyətindən, yəni ünvanlı dövlət sosial yardımı almaqdan məhrumdurlar. Xüsusən dağ rayonlarında yaşayanların dağətəyi rayonlarda torpaq payı var. Bu da onların yaşayış yerindən yüz kilometrlərlə aralıdadır. Təkcə bugünkü yanacaq qiymətləri ilə bu sahəyə getmək heç sərfəli deyil.
Ehtiyac meyarını dəyişməklə bərabər Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnaməyə, yəni ailənin orta aylıq gəlirlərinin hesablanma qaydalarına yenidən baxılmalıdır. Həmin Əsasnamədə bir hektar sahənin kadastr qiyməti 2 min, 3 min manat hesablanır. Amma bugünkü bazarda həmin torpaqların maksimum, yəni bazarda alış-satış qiyməti 200-300 min manatdan yuxarı getmir. Kənddə yaşayan insanların da ünvanlı sosial yardımdan bəhrələnməsinə ehtiyac var.
Sonda bir məsələni də qaldırmaq istəyirəm. Həqiqətən də, torpaq payına sahib olduqları üçün kənd camaatı bir çox dövlət yardımlarından kənarda qalıblar. Burada da hörmətli həmkarlarım keçən dəfə vurğuladılar ki, kənd yerlərində gənc ailələrə uşaq pulu institutu yenidən bərpa edilsin. Bu, həm onların küskünlüyünü müəyyən dərəcədə aradan qaldırar, həm demoqrafik problemin həll olunmasına çox ciddi kömək eləyər, həm də urbanizasiya prosesinin, yəni şəhərə axın məsələsinin qarşısını alar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəttah Heydərov.
F. Heydərov. Hörmətli Sədr, hörmətli millət vəkilləri və qonaqlar! Məsələ barədə geniş danışıldı. Mən də öz fikirlərimi demək istəyirəm.
Biz büdcəni müzakirə elədik. Büdcə gəlirlərinin artım sürəti hər birimizi qane edən bir vəziyyətdədir və buna müvafiq olaraq onun xərcləri təqdim olunubdur, yəqin ki, təsdiq də olunacaq. Ümumi daxili məhsulun artım sürəti büdcənin gəlirlərini təmin eləyən əsas göstəricilərdir. Bu barədə bizim açıqlamalarımız vardır.
Burada təqdim olunan rəqəmlər onlardan törəmədir. Büdcə gəlirləri, büdcə xərcləri və ayrı-ayrı maddələr üzrə nəzərdə tutulmuş rəqəmləri əgər iqtisadçılar bu şəkildə hesablayıb bizə təqdim eləyirlərsə, deməli, onlar ümumi büdcədə artıq öz yerini tutmuş rəqəmlər kimi təsdiq olunur. Bunların hamısı çox yaxşı ki, əvvəllərdə olduğu kimi, qarşıya qoyulmuş mütləq plan, vəzifə yox, proqnoz şəklində verilib.
Azərbaycanda iqtisadi siyasət artıq öz axarını tapıbdır. Aparılan iqtisadi siyasət öz nəticəsini, bəhrəsini verir. İnkişaf var. Bu, hər yerdə, xüsusi ilə təkcə rəqəmlərdə yox, bütün insanların gözü önündə baş verir. 2007-ci ildə əgər göstərilən digər proqnozlar yerinə yetirilərsə, – hər il bu temp, demək olar ki, proqnozlardan da 20-30 faiz artıqlaması ilə yerinə yetirilir, – yəqin ki, yaşayış minimumunun rəqəmlərinin icrası reallığını tapacaqdır.
Bir məsələni də burada demək istəyirəm. Hər dəfə ya büdcə, ya da digər məsələlər müzakirə olunanda, burada bəzi texniki işlər də ortaya çıxır. Rəqəmlərin üzərində işləməyi iqtisadçılar daha gözəl bilirlər. Çox şükürlər olsun ki, indi bizim Məclisdə dəyərli iqtisadçılarımız var. Onlar rəqəmlər üzərində çox ciddi çalışırlar, öz təkliflərini də verirlər, komissiyalarda onların tövsiyələri ilə düzəlişlər də gedir. Bu, çox müsbət haldır.
Ancaq bu müzakirələr bizi bəzən siyasi məsələlərin siyasi axarına aparıb çıxarır. Əlbəttə, yenə də yoxsulluğun, adamların yaşayış vəziyyətinin aşağı olması barədə danışanda çoxlarına xoş gəlir. Deyirlər ki, görürsünüz, bizə qayğı göstərirlər, haqqımızda danışırlar, eşitdirirlər ki, yoxsullar çoxdur və sair.
Burada bir məsələni yaddan çıxarmaq lazım deyil. Xüsusi ilə kənd yerində, regionlarda yaşayanlar arasında çoxlu adamlar var ki, onların real qazanclarını kağız üzərində olan gəlirləri ilə müqayisə eləsən, yoxsulluğu heç vaxt boyunlarına almazlar. Əgər kənd adamı öz ailə tərkibində əxlaqi, mənəvi və maddi cəhətdən gündəlik yaşamaq tərzini təmin edirsə, biz boyunlarına zorla “sən yoxsulsan” adını qoyub onları təhqir eləməməliyik. Bizim insanlarda maddi yoxsulluq olmamalıdır. Elə olanda, insan mənəvi cəhətdən də yoxsullaşır.
Bu gün kənd adamı öz təminatını bilir. Onun heyvanı, mal-qarası, torpağı var, becərir. İndi biz torpağı becərməyənlərdən danışırıq. Bunlar hamısı yenə də prosesdir, gedir. Bu gün becərilməyən torpaq sabah qızıl qiymətinə becəriləcəkdir. Çünki işlər gedir. Bizim ölkəmizdə meliorasiya qurğuları tikilir, yeni suvarma sistemləri qurulur. Bunların nəticəsində bu gün istifadə olunmayan torpaq sabah, bir də təkrar edirəm, öz sahibinə gözəl gəlirlər verəcəkdir. Bunu büdcə kompleksində səsə qoyub təsdiq eləmək olar. Mənə elə gəlir, müzakirə kifayət eləyər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Mən hesab edirəm ki, məsələni kifayət qədər müzakirə elədik. Hörmətli deputatların verdikləri təkliflərə, iradlara hökumət nümayəndələri də qulaq asdılar, onlar nəzərə alınacaq. İcazə verin, bu məsələlərə aydınlıq gətirmək üçün İqtisadi İnkişaf Nazirliyinin departament rəisi Şahin Sadıqova söz verək.
Ş. Sadıqov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin departament rəisi.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu sənədin vacibliyini və əhəmiyyətini nəzərə alaraq istərdim ki, öz izahlarımı iki mərhələdə quram. Birinci, bu sənədin, ümumiyyətlə, ortaya çıxması və onun hazırlanması ilə bağlı görülmüş işlər haqqında sizə məlumat vermək, ikinci də konkret olaraq deputatların qaldırdığı məsələlərə aydınlıq gətirmək niyyətindəyəm.
Bildiyiniz kimi, yaşayış minimumu haqqında söhbətlər artıq 1992-ci ildən başlanmışdır. Bütün bu illər boyu minimum istehlak səbəti, yaşayış minimumu, ehtiyac meyarı anlayışı haqqında müzakirələr aparılırdı. Demək olar ki, iki il əvvəl dövlət büdcəsinin və ümumiyyətlə, bizim iqtisadi inkişafın səviyyəsi imkan verirdi ki, biz konkret olaraq bu məsələyə qayıdaq. Yaşayış minimumunun səviyyəsi və ehtiyac meyarının həddi onun əsasında müəyyən olunmalı idi.
Ən vacib addımımız ondan ibarət oldu ki, biz elmi əsaslar üzərində və dünya praktikasını nəzərə alaraq minimum istehlak səbətini tərtib elədik. Minimum istehlak səbəti bütün aidiyyəti, mərkəzi icra orqanları, qeyri-hökumət, o cümlədən həmkarlar ittifaqı təşkilatları ilə də müzakirə olunmuşdur. Səhiyyə Nazirliyi müzakirələrdə daha çox iştirak edibdir, çünki ərzaq hissəsində fizioloji normalar çox vacib bir problem kimi bizim qarşımızda durmuşdur.
Burada qiymət məsələsi də çox vacibdir. Qiymət məsələlərinin əsasını dünya praktikasında qəbul olunduğu kimi götürmüşdük. Kənd təsərrüfatı məhsullarının müayinəsinə xüsusi diqqət yetirməklə 2004-2005-ci illər üzrə minimum istehlak səbətinin dəyəri müəyyən olunmuşdur. Minimum istehlak səbətinin tərkibi isə əsasən, ərzaq, qeyri-ərzaq, xidmət sahələrindən ibarət idi. Bütün bu hesablamaları apardıqdan sonra artıq bizdə konkret olaraq 2004-2005-ci illər üzrə yaşayış minimumunun məbləği müəyyən olunmuşdur. 2005-ci ildə bu, təqribən 52 manat səviyyəsində müəyyən olundu. 2006-cı ildə proqnozlaşdırılan qiymətləri nəzərə alaraq biz onu 58 manat səviyyəsində gözləyirdik. 2007-ci ildə bu, 64 manat səviyyəsində müəyyənləşdirilib.
Deputatlar tərəfindən qeyd olundu ki, bu hədd, həqiqətən, minimum yaşayış səviyyəsini müəyyən eləyən göstəricidir. Bu, təbii ki, insanın ən zəruri istehlak tələbini ödəməyə qadir olan bir məbləğdir. Bunun əsasında dövlət büdcəsinin imkanlarını nəzərə alaraq biz ehtiyac meyarını müəyyən elədik. Bildiyiniz kimi, Prezident tərəfindən müəyyən olunmuş bu göstəricinin dinamik inkişafını mərhələlərlə minimum yaşayış səviyyəsinə çatdırmalıyıq. 2007-ci il üçün ehtiyac meyarı, builki büdcənin imkanları nəzərə alınaraq, 40 manat səviyyəsində müəyyən olunmuşdur. Bütün dünyada olduğu kimi, mən də digər ölkələrin praktikasına müraciət etmişdim. Bütün ölkələrdə belədir, adətən, bu göstəricidən razı qalan adamlar olmur. Parlamentdə də, həqiqətən, çox ciddi müzakirələr bu göstərici ətrafında olur. Ancaq reallıq və iqtisadi əsaslandırma imkan verir ki, bu göstəricini müvafiq olaraq, dediyim kimi, 64 və 40 manat səviyyəsində nəzərdə tutaq.
Deputatların dediyi iradlar, verdiyi suallar barədə nə demək olar. Mən səmimi qeyd eləmək istəyirəm ki, həqiqətən, çox konstruktiv fikirlər səsləndi. Xüsusi ilə Gülər xanım Əhmədovanın çox yaxşı bir təklifi oldu ki, uşaqlar arasında yaş etibarı ilə tələblər dəyişə bilər. Ona görə də sosial- demoqrafik qrupun, ola bilər ki, bu diferensiasiyasına baxıla bilər.
Gültəkin Hacıyeva ehtiyac meyarının əsasında ödənişlərin mexanizminin təkmilləşməsini təklif etdi. Mən də bu fikirlə razıyam. Bu mexanizm ilkindir, yeni formalaşıbdır. Şübhəsiz, həmin mexanizmin təkmilləşməsi istiqamətində bu məsələyə yenə qayıdacağıq. Hesab edirəm ki, bu çox konstruktiv bir fikir idi.
Hikmət Atayevin belə bir təklifi oldu ki, bu göstəricilər dövlət büdcəsində nəzərə alınıbmı? Dövlət büdcəsinin tərtibində artıq bu göstəricilər öz əksini tapıbdır. Dövlət büdcəsində bu istiqamətdə təqribən 79 milyon manat səviyyəsində vəsait nəzərdə tutulub. Deyildi ki, yoxsulluğun səviyyəsi 29 faiz təşkil edir. Təkcə yaşayış minimumunun səviyyəsini artırmaqla onu aradan qaldırmaq olar kimi bir təsəvvür yaratmaq, təbii ki, bir az yanlış olardı. Yoxsulluğun aradan qaldırılması çox geniş bir aspektdə olan məsələdir. Yəni bu, həm istehsalın, bizim qeyri-neft sektorunun inkişafından asılıdır, əhalinin gəlirlərinin artırılması ilə bağlıdır. Bu prosesə də belə dinamik şəkildə baxmaq lazımdır. 64 manatla bu yoxsulluğun aradan qaldırılması, təbii ki, mümkün deyil. Bu qədər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Ziyad müəllim, sözünüz varsa, buyurun.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Həqiqətən, müzakirə olunan məsələ taleyüklü bir məsələdir. Məhz bu çağırış Milli Məclisin deputatları tərəfindən 2006-cı il büdcəsinə dəyişikliklərə dair məsələnin müzakirəsi zamanı İqtisadi siyasət və Sosial siyasət daimi komissiyaları belə hesab etdilər ki, 2007-ci il büdcəsi təqdim olunarkən yaşayış minimumu haqqında konkret rəqəmlərin göstərilməsi mütləq vacibdir.
İqtisadi İnkişaf, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Həmkarlar İttifaqı bu məsələ ilə əlaqədar çoxlu hesablamalar aparmışdılar. İqtisadi siyasət daimi komissiyası da bu çağırışdan, fəaliyyətə başladığı gündən bu məsələ ilə əlaqədar çoxsaylı hesablamalar aparmışdır. Bu gün təqdim olunan göstəricilər müəyyən mənada Azərbaycanın real imkanlarına əsaslanır. Eyni zamanda, deputatlar haqlı olaraq bildirirlər ki, bu göstəricinin yaxşılaşdırılması imkanları axtarılmalıdır. Cənab Prezident də bütün çıxışlarında qeyd edir və biz də başa düşürük ki, ölkədə yaşayış minimumu, pensiyaların həcmi, orta əmək haqqı qaneedici deyil. Maliyyə imkanlarımız genişləndikcə, iqtisadi inkişaf artdıqca biz bu göstəricilərin də dinamikasına baxmalıyıq.
Burada deputat Qüdrət Həsənquliyev belə məsələ qaldırdı ki, niyə yaşayış minimumu ayrı-ayrı kateqoriyalar üzrə fərqli müəyyənləşdirilir. Çünki dünya praktikasında belədir. Bütün dünyada, inkişaf etmiş ölkələrdə də yaşayış minimumu demoqrafik qruplar üzrə müəyyən edilir. Hesablamalar göstərir ki, insanların müəyyən mənada ərzaq məhsullarına, geyimə, digər mallara tələbatı müxtəlifdir. Məsələn, əmək qabiliyyətli əhalinin yeməklə əlaqədar olan xərcləri ilə uşaqlara tələb olunan yemək xərcləri başqadır.
İqtisadi İnkişaf Nazirliyi, Həmkarlar İttifaqı bütün dünyada mövcud olan bu prinsipi əsas götürmüşdür. Mən də razıyam, biz komissiyada da bu barədə söhbət etdik. Ehtiyac meyarı göstəricisi, mən əminəm ki, yaxın vaxtlarda aradan götürüləcəkdir. Nə üçün? Ona görə ki, Azərbaycanda aparılan iqtisadi islahatlar, sosial vəziyyətin yaxşılaşması istiqamətində görülən tədbirlər artıq bu göstəricinin yaşayış minimumuna getdikcə çatdırılmasını xarakterizə edir. 2006-cı ildə ölkə üzrə ehtiyac meyarının yaşayış minimumuna nisbəti 51,7 faizdir. 2010-cu ildə bu göstərici yaşayış minimumunun 88,2 faizini təşkil edəcək. Əgər ölkə üzrə yaşayış minimumu artacaqsa, obyektiv olaraq ehtiyac meyarı da artmağa meyil edəcək. Yəni həmkarlarımın dediklərində bir həqiqət var ki, dünyanın nadir ölkələrində ehtiyac meyarı göstəricisindən istifadə olunur. Mənə elə gəlir ki, Azərbaycanın maliyyə imkanları artdıqca, sosial sahədə islahatlar aparıldıqca, bu göstəricinin də aradan götürülməsinə zərurət yaranacaq.
Hörmətli Fazil Mustafayev tamamilə haqlı olaraq qeyd etdi ki, qanun layihəsində bu hədlərin aylar üzrə hesablanıb müəyyən edilməsi göstərilməlidir. Biz bu təkliflə razıyıq. Hesab edirəm ki, bu barədə icraedici orqanlardan müəyyən razılıq əldə etmək olar.
Hörmətli Cəmil Həsənli bir məsələyə toxundu. Biz bu barədə fikrimizi keçən dəfə dedik. Mən də razıyam. İqtisadi İnkişaf Nazirliyində danışıqlar aparmışıq, söhbətlərimiz olub ki, sənəddə ümumi daxili məhsulun artmasının iqtisadi və digər göstəricilərə, işsizliyin, yoxsulluğun azalmasına, ümumiyyətlə, əhalinin yaşayış səviyyəsinə necə təsir edəcəyi barədə konkret məlumatlar olsun. Mən hesab edirəm ki, gələcəkdə belə hesablamalar reallaşacaq, iqtisadi araşdırmalar, müqayisəli rəqəmlər burada öz həllini tapacaqdır.
Hörmətli Oqtay müəllim, keçən dəfə Milli Məclisin iclasında tövsiyə etmişdik ki, kommunal xərcləri də yaşayış minimumuna daxil edilməlidir. Bizim apardığımız müzakirələr prosesində bu məsələ də ortaya çıxdı. Kommunal xərclərin yaşayış minimumu tərkibində obyektiv olaraq nəzərə alınması ön plana çəkilməlidir.
Deputat Hikmət Atayev də maraqlı bir məsələ qaldırdı. O, normativlər əsasında sosial xərclərin, sosial yaşayış minimumu və digər göstəricilərin hesablanmasını təklif etdi. Dövlət büdcəsi layihəsinin Maliyyə Nazirliyi tərəfindən təqdim olunan variantında çox dəyərli bir fikir var ki, gələcəkdə proqnozlaşdırma ayrı-ayrı sahələr üzrə adambaşına maliyyələşdirmə əsasında aparılacaq. Belə bir göstəricinin də dövriyyəyə atılması, heç şübhəsiz ki, sosial sahələr üzrə müəyyən edilmiş tapşırıqların, vəsaitlərin daha dəqiq olmasına imkan verəcəkdir.
Biz tamamilə razıyıq, deputatlar da bu barədə komissiyada məsələ qaldırdılar ki, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi gələcəkdə ayrı-ayrı sahələr üzrə nəinki orta aylıq əmək haqqını, eyni zamanda, ayrı-ayrı sahələr üzrə əmək haqqı barədə materiallar versinlər. Çünki bu materialların müqayisəli şəkildə verilməsi gəlirlərin diferensiasiyasını tənzimləməyə imkan verəcəkdir.
Burada hörmətli Fəttah müəllim də qeyd elədi, başqa deputatlar da dedilər ki, qanunvericiliyə Azərbaycanın sosial-iqtisadi həyatına dair yeni bir göstərici daxil edilir. Bu, ilk addım, ilk təşəbbüsdür, “Yaşayış minimumu haqqında” Qanun 2004-cü ildə qəbul edilib. 2007-ci ildə ilk dəfə olaraq belə bir göstərici bizim dövlət başçısı tərəfindən təsdiq olunacaqdır.
Həqiqətən, problemin araşdırılması üçün çoxlu hesablamalar lazım gəlir. Onu da tələb edir ki, dünya praktikasını öyrənək. Bu cür məsələ qoyulmur ki, biz beynəlxalq standartlara uyğun əmək haqqı verək. Buna bizim imkanımız yoxdur, ancaq sosial sahədə aparılan islahatların beynəlxalq standartların tələblərinə cavab verməsi istiqamətində atılan addımlar göz qabağındadır.
Mən də deputat həmkarlarımı bir daha bu qanun layihəsinə müsbət münasibət bildirməyə çağırıram. Eyni zamanda, Oqtay müəllim, Sizin dediyiniz kimi, hökumət nümayəndələri də bugünkü müzakirə ilə əlaqədar münasibətlərini bildirərkən, yəqin ki, bu barədə əlavə məlumatlar verəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Müzakirə ilə bağlı çıxış edənlərə təşəkkürümü bildirirəm. Keçirik 4-cü məsələyə. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini təqdim eləmək üçün Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədova söz verilir.
F. Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti öz inkişaf mərhələsinin keyfiyyətcə yeni dövrünə qədəm qoymuş, iqtisadiyyatın bütün sahələrində yüksək nailiyyətlər əldə edilmiş, ölkəmizin qarşısında duran əsas sosial-iqtisadi məsələlərin həlli üçün əlverişli zəmin yaradılmışdır. İqtisadiyyatın dinamik inkişafı vergi qanunvericiliyinin adekvat olaraq təkmilləşdirilməsini zəruri etmişdir.
Müzakirəyə təqdim olunan qanun layihəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər, əsasən, 4 istiqaməti – respublikada aparılan vergi siyasətinin təkmilləşməsini, vergi inzibatçılığının müasirləşməsini, vergi nəzarətinin səmərəliliyinin artırılmasını və redaktə xarakterli düzəlişləri əhatə edir. Məcəlləyə təklif olunan 84 əlavə və dəyişiklikdən 19-u redaktə xarakterlidir. 19-u vergi siyasətinin təkmilləşdirilməsi, 29-u vergi inzibatçılığının müasirləşdirilməsi, 17-si vergi siyasətinin səmərəliliyinin artırılması ilə bağlıdır.
Redaktə xarakterli düzəlişlər vergilərin hesablanması və ödənilməsi mexanizminə təsir etməyəcəkdir. Bunlar məcəllənin müddəalarının mütəxəssislər, o cümlədən vergi orqanlarının işçiləri və vergi ödəyiciləri tərəfindən müxtəlif mənada izah olunmasının qarşısını almaq məqsədini daşıyır.
Vergi siyasətinin təkmilləşdirilməsi istiqamətində məcəlləyə təklif olunan dəyişikliklər vergi ödəyicilərinin mənafeyinin qorunması və hüquqlarının artırılmasına, sahibkarlığa əlverişli şəraitin yaradılması ilə yanaşı, aksizli malların siyahısının genişləndirilməsinə, mənzil tikintisi fəaliyyətinə, vergiyə cəlb olunma mexanizminin təkmilləşdirilməsinə xidmət edir. Eyni zamanda, təklif olunur ki, məcəllənin 59.1 və 59.3-cü maddələrində əksini tapan “0,05” rəqəmi “0,1” rəqəmi ilə əvəz edilsin.
Məlumat üçün qeyd edim ki, hazırda respublikamızda bank kreditlərinə görə faizlərin orta illik çəkisinin 22 faiz, vergi borclarına görə hesablanan faizlərin orta illik çəkisinin isə 18,2 faiz yüksək olması ilə əlaqədar vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi məbləğlərinin digər məqsədlər üçün istifadə edilməsi hallarına rast gəlinir. Bu sahədə müşahidə edilən problemləri aradan qaldırmaq məqsədi ilə bank kreditlərinin faiz dərəcələrinə nisbətən vergi borclarına görə hesablanan faizin dərəcəsinin qaldırılması təklif edilir. Eyni zamanda, bu dəyişikliyə əsasən intizamlı vergi ödəyicilərinin hüquqları da qorunur. Onlar tərəfindən artıq ödənilmiş vergilərin vaxtında büdcədən qaytarılmaması hallarında hər gecikdirilməli günə görə ödənilən faizin dərəcəsinin 0,5 faizdən 0,1 faizə qədər qaldırılması nəzərdə tutulur.
Vergi ödəyicilərinin mənafeyinin qorunması və hüquqlarının artırılması məqsədi ilə Vergi Məcəlləsinə yeni 15.1.14-cü maddənin daxil edilməsi təklif olunur. Belə ki, vergi ödəyicisi vergi orqanlarından müəyyən edilmiş qaydada qeydiyyatdan keçmək üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş etmək hüququna malik olacaqdır.
Sahibkarlığa əlverişli şəraitin yaradılması məcəllənin 109.3-cü maddəsinə təklif olunan dəyişikliklərlə qeyd edilmişdir. Bu dəyişiklik vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində bir sıra qida məhsullarına sərf olunan xərclərin gəlirdən çıxılmasına yol verilir. Məqsəd istehsal şəraiti ağır olan sahələrdə həyat üçün mühüm əhəmiyyət kəsb edən məhsulların işçilərə verilməsini stimullaşdırmaqdan ibarətdir.
Daha bir dəyişiklik Vergi Məcəlləsinin 190.1, 190.2, 190.4-cü maddələrinə təklif edilir. Bu dəyişikliklərə əsasən “minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr istisna olmaqla” sözləri “aksizli mallara” ifadəsindən sonra əlavə edilir. Beləliklə, onlar həmin mallar qrupuna daxil ediləcək və alıcıların gəlirlilik səviyyəsindən, avtomobillərin mühərrikinin həcmindən asılı olaraq aksizin məbləği müəyyən ediləcəkdir.
Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb olunması mexanizminin təkmilləşdirilməsi məqsədi ilə Vergi Məcəlləsinin 155, 159, 218, 219, 220, 221-ci maddələrinə dəyişikliklər təklif olunur. Bununla mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin konkret məbləğ və əmsallar əsasında sadələşdirilmiş vergi ödəmələri üçün vergitutma mexanizminin tətbiqi nəzərdə tutulur. Yeni mexanizmə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər mənfəət və əmlak vergisinin əvəzinə tikintinin təməl işlərinin başlandığı rübdən etibarən tikiləcək ümumi sahənin hər kvadratmetri üçün hər bir ərazi üzrə müəyyən olunan vergi məbləğini hesablayıb iki il müddətinə hər rübdə 12,5 faiz olmaq şərti ilə büdcəyə ödəməlidir. Eyni zamanda, məcəllənin 155 və 159-cu maddələrinə edilən dəyişikliklərə görə mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən əlavə dəyər vergisinin hesablanıb ödənilməsi və bu məqsədlər üçün minimum dövriyyənin müəyyən edilməsi nəzərdə tutulur.
Ölkə iqtisadiyyatının dinamik inkişafına paralel olaraq vergi inzibatçılığının müasirləşdirilməsi, vergi borclarının məcburi alınması işini təkmilləşdirmək üçün Vergi Məcəlləsinin müvafiq maddələrinə əlavə və dəyişikliklər təklif olunur. Məcəllənin 90.1-ci maddəsinə ediləcək düzəlişlə vergi öhdəliyini yerinə yetirmədikdə vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə vergi orqanı tərəfindən siyahıya alınmış əmlakın hərracda satılması barədə məhkəməyə müraciət olunma müddətinin 60 gündən 30 günədək aşağı salınması nəzərdə tutulur.
Məcəllənin 90.4-cü maddəsində nəzərdə tutulan dəyişikliklərə əsasən əmlakın satışından daxil olan pul vəsaiti vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsi üçün kifayət etmədikdə və ya əmlak qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərracda satılmadıqda vergi orqanı tərəfindən vergi ödəyicisinin həmin borclarının qalan məbləği həcmində digər əmlakı bu maddədə nəzərdə tutulmuş qaydada siyahıya alına bilər.
Məlum olduğu kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi istehsalın stimullaşdırılması və sahibkarlığın inkişafına yönəlmiş məqsədyönlü iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin investisiya yönümlülüyü ilbəil artmaqdadır. Bu məqsədlə Vergi Məcəlləsinin 164.2-ci maddəsinin təklif olunan yeni dəyişikliyə əsasən müvafiq icra hakimiyyəti orqanı konkret sahənin inkişafını təmin etməklə konkret dövr üçün nəzərdə tutulan istehsal ehtiyaclarını yerli xammal hesabına ödəmək mümkün olmadıqda istehsal təyinatlı xammal və müasir texnologiyanı təmin edən avadanlıqların idxalının əlavə dəyər vergisindən azad olunmasını nəzərdə tutur.
Vergi Məcəlləsinin 211.1.2-ci maddəsi üzrə yol vergisinin dərəcəsinə təklif olunan dəyişikliklər, minik avtomobillərinin mühərrikinin həcmindən asılı olaraq diferensiallaşdırılmış vergi dərəcəsinin tətbiqini müəyyən edir. Vergidən yayınmanın qarşısının alınması bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi baxımından vergi nəzarətinin səmərəliliyinin artırılması əlavə dəyər vergisinin təşkili ilə tənzimlənəcəkdir.
Əlavə dəyər vergisi bank hesablarının tətbiq edilməsi məqsədi ilə Vergi Məcəlləsinin müvafiq 13, 14, 16, 35, 60, 65, 75, 76, 79, 80, 87, 169, 175 və 176-cı maddələrinə əlavə və dəyişikliklər təklif olunur. Məlum olduğu kimi, son illər Vergilər Nazirliyi vergi ödəyicilərinin əlavə dəyər vergisinin ödənilməsindən yayınmasının qarşısını almaq üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirmişdir. Bunlara vergi qanunvericiliyində aparılan dəyişiklikləri, xüsusi ilə əlavə dəyər vergisi məqsədi üçün qeydiyyatın sərtləşdirilməsi, şübhəli əməliyyatlar aparıldığı müəyyənləşdirilən vergi ödəyicilərinin qeydiyyatının ləğv edilməsi, vergi ödəyicilərinin dövriyyələrinə, apardıqları qarşılıqlı əməliyyatlarına və əvəzləşdirmələrinə nəzarəti təmin edən tədbirləri göstərmək olar. Azərbaycan Respublikasında vergi orqanları tərəfindən aparılmış vergi yoxlamalarının nəticəsinin təhlili göstərir ki, vergi ödəyiciləri vergidən yayınma hallarına ən çox əlavə dəyər vergisi üzrə yol verirlər. Belə ki, vergi orqanları tərəfindən 2000-ci ildə aparılmış yoxlamalar zamanı əlavə hesablanmış vəsaitin 21,6 faizi tətbiq edilmiş maliyyə sanksiyaları, 9,5 faizi isə əlavə dəyər vergisi hesabına olmuşdur. Bu göstərici 2004-cü ildə müvafiq olaraq 72,6 faiz və 61,7 faiz, 2005-ci ildə 87,9 faiz və 89,1 faiz, 2006-cı ilin ötən 9 ayında isə 82,2 faiz yayınma aşkarlanmış, 83,8 faiz maliyyə sanksiyaları tətbiq edilmişdir. Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamaların nəticələrinin təhlili göstərmişdir ki, qeyd edilən mübarizə üsulu yayınmanın qarşısını son mərhələdə alsa da, əlavə dəyər vergisindən yayınma halları ilbəil artır. Son mərhələdə Vergilər Nazirliyi tərəfindən yayındırılmış məbləğ bərpa olunduqda həmin məbləğlərin büdcəyə alınmasında böyük çətinliklər yaranır.
Doğrudur, büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən əlavə dəyər vergisinin məbləği Vergilər Nazirliyi tərəfindən nəzarətdə saxlanılırdı və həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda əlavə dəyər vergisinin büdcədən yayındırılması hallarının qarşısı alınırdı. Bu cür halların qarşısının alınmasına baxmayaraq, yenə də əlavə dəyər vergisinin büdcəyə alınmasında maneələr qalırdı. Bu maneələrdən ən əsası vergidən yayınan vergi ödəyicilərinin bank hesablaşmalarındakı hesablarında pul vəsaitlərinin, həmçinin borca yönəldilə bilən əmlakların olmaması idi. Bununla əlaqədar 2006-cı ildə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərdən sonra əlavə dəyər vergisi üzrə büdcəyə borcu olan vergi ödəyicilərinin əlavə dəyər vergisi qeydiyyatının ləğvi hüququ Vergilər Nazirliyinə verilmişdir.
Vergilər Nazirliyi tərəfindən 2006-cı il noyabrın 1-nə qədər 5046 borclu vergi ödəyicisinin əlavə dəyər vergisi hesablaşmalarının qeydiyyatı ləğv olunmuşdur. Qeyd etmək lazımdır ki, Vergilər Nazirliyinin bu sahədə apardığı nəzarət tədbirlərinə baxmayaraq, 2006-cı ilin 9 ayı ərzində yenə də vergidən yayındırılmış çoxlu dövriyyə aşkar edilmişdir. Vergilər Nazirliyi tərəfindən dövriyyələrini vergidən yayındıran vergi ödəyicilərinə vergi məbləğləri hesablanmışdır. Heç bir maliyyə vəsaiti və əmlakı olmayan həmin vergi ödəyiciləri üçün hesablanmış məbləğlərin büdcəyə alınması çətin olduğuna görə onların borclarının artmasına gətirib çıxarır.
Respublika üzrə vergi ödəyicisinin əlavə dəyər vergisindən büdcəyə tədiyyə qalığı, ümumilikdə, 2006-cı il oktyabrın 1-nə qədər 803,1 milyon manat təşkil etmişdir. Bu da 2002-ci ilin müvafiq göstəricisindən 4 dəfə artıqdır. 2006-cı il oktyabrın 1-nə olan borcun 630 milyon manatını və ya 78,4 faizini xüsusi mülkiyyətə mənsub vergi ödəyicilərinin borcları təşkil etmişdir. Qeyd etmək lazımdır ki, əlavə dəyər vergisi bank hesablarının tətbiqi, vergi inzibatçılığının təkmilləşməsinə xidmət edir.
Vergi ödəyicilərinin mənafelərinin qorunması məqsədi ilə Vergi Məcəlləsinə əlavə edilməsi təklif olunan 87.5-ci maddəyə əsasən əlavə dəyər vergisi hesabında pul vəsaiti olan vergi ödəyicisinin əlavə dəyər vergisi üzrə borcu olmadıqda əlavə dəyər vergisi hesabındakı vəsaitin vergi ödəyicisinin hesablaşma hesabına köçürülməsi bu barədə vergi ödəyicisinin yazılı müraciəti daxil olduğu gündən sonrakı 4 iş günü ərzində vergi orqanının rəyinə əsasən bank idarələri tərəfindən həyata keçirilir. Bununla əlaqədar əlavə dəyər vergisinin hesablanması və ödənilməsi işinə daha ciddi nəzarətin təşkil olunması, qanun pozuntularının qarşısının alınması, eyni zamanda, Vergilər Nazirliyi üçün gələn ilin dövlət büdcəsi layihəsində əlavə dəyər vergisi üzrə nəzərdə tutulmuş proqnozun 38 faiz artımı icrasının təmin edilməsi məqsədi ilə 2007-ci ildən Vergi Məcəlləsinə əlavə dəyər vergisi hesablarının tətbiqi nəzərdə tutulur. Bununla bağlı nazirlik tərəfindən hazırlanmış təkliflərin qəbul edilməsini məqsədəmüvafiq hesab edirik.
Vergi Məcəlləsinin 13, 15, 16, 23, 24, 50, 58-ci maddələrinə təklif olunan növbəti dəyişikliklər operativ vergi nəzarətinin təşkili sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ödəmələrin nağd hesablaşmalarla aparılması qaydalarının pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarının artırılması və diferensiallaşdırılması nəzərdə tutulur. Əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin real gəlirlərinə uyğun olaraq vergiyə cəlb olunması problemi məcəllənin 124.4-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən həll olunacaqdır. Bu, daşınmaz əmlakın vergitutma məqsədləri üçün (yaşayış fondu istisna olmaqla) aylıq icarə haqqı məbləğinin minimum həddinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi yolu ilə həll ediləcəkdir.
Vergi Məcəlləsinin 194-cü maddəsinin müvafiq bəndlərinə təklif olunan dəyişikliklər də Nazirlər Kabinetinin 1999–cu il 4 mart tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarla tənzimlənən nəzarət postlarının fəaliyyəti mexanizminin məcəlləyə daxil edilməsini nəzərdə tutur. Beləliklə, vergi orqanları tərəfindən aksizli mallar istehsal edən vergi ödəyicilərinin obyektlərində nəzarət postlarının yaradılması, bu məhsulların uçota alınması və dövlət nəzarəti daha da gücləndiriləcəkdir. Bunun nəticəsində qeyd olunan sahələrdə vergi yığımı daha da artırılacaqdır.
Nəzərinizə çatdırmaq istərdim ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərin ilkin layihəsi Milli Məclisin aidiyyəti komissiyalarında hörmətli millət vəkillərinin iştirakı ilə müzakirə olunmuşdur. Vergilərin hesablanması, sadələşdirilmiş verginin dərəcəsi və digər məsələlərlə bağlı deputatların verdikləri təkliflər nəzərə alınmışdır.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! 2007-ci ilin vergi daxilolmalarının 51,9 faiz artacağını və bu ərəfədə dövlət büdcəsinin gəlirləri üzərində effektiv nəzarətin təmin olunmasının zəruriliyini nəzərə alaraq, Vergi Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanun layihəsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fazil müəllim. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə olunarkən biz büdcə gəlirlərinin dinamik artması barədə millət vəkillərinə konkret materiallar təqdim etdik. Yəni Maliyyə Nazirliyi və digər qurumlar, eyni zamanda, Milli Məclisin İqtisadi siyasət və digər komissiyaları adından edilən çıxışlarda bir daha göstərildi ki, Azərbaycanın imkanları ildən-ilə möhkəmlənir.
Maliyyə imkanlarının səfərbər edilməsində Vergilər Nazirliyinin rolu ildən-ilə artır. Vergilər Nazirliyinin hesabına daxilolmalar ölkənin maliyyə sabitliyinin təmin edilməsi üçün nəzərdə tutulmuş strateji proqramların maliyyələşməsinə xidmət edir. Onu göstərmək kifayətdir ki, büdcə daxilolmalarında vergilər hesabına daxilolmalar 75 faiz təşkil edir ki, bunun da məbləği keçənilkinə nisbətən 1,5 dəfə çoxdur. Reallıq tələb edir ki, Vergi Məcəlləsində dəyişikliklər edilsin. Bu dəyişikliklər obyektiv səbəblərdən irəli gəlir. Azərbaycanda iqtisadi islahatlar dərinləşir, Azərbaycan dünya inteqrasiyasına qoşulur, beynəlxalq sazişlər imzalanır və digər iqtisadi həyatla bağlı baş verən proseslər Vergi Məcəlləsində dəyişikliklərin obyektivliyini zərurətə çevirir.
Burada hörmətli Fazil müəllim məlumat verdi ki, Vergi Məcəlləsinin 82 maddəsində əlavə və dəyişikliklər edilir. Bunların ana xətti vergi siyasətinin təkmilləşdirilməsi, vergi inzibatçılığının müasirləşdirilməsi, vergi nəzarətinin səmərəliliyinin artırılması ilə bağlıdır. Təklif olunur ki, Vergi Məcəlləsinin 14 maddəsindən “şərti maliyyə vahidi” anlayışı çıxarılsın, “şərti maliyyə vahidi” ilə ifadə olunmuş bütün məbləğlərin manatla verilməsi həyata keçirilsin. Artıq bir çox MDB məkanında, eləcə də dünyanın bir çox ölkələrində Vergi Məcəlləsində əks olunmuş bütün məbləğlər həmin ölkələrin milli valyutaları ilə həyata keçirilir.
Vergi Məcəlləsində nağdsız hesablaşmaların miqdarını artırmaq, nağd hesablaşmaların miqdarını isə kəskin surətdə azaltmaq üçün, – bilirsiniz ki, son illər respublikada böyük işlər görülür, – nəzarət-kassa aparatlarının tətbiqi də müsbət nəticələr verir. Vergi Məcəlləsinə edilən düzəlişlərdən biri onunla əlaqədardır ki, artıq Vergilər Nazirliyi nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş etmək hüququna malik olacaqdır. Yəni bu, imkan verəcəkdir ki, vergi orqanları bu prosesləri proqramlaşdırsınlar və istənilən informasiyaları həmin kassa aparatlarından almaq imkanına malik olsunlar.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin yeniliyi aksizli malların siyahısının genişləndirilməsi ilə bağlıdır. Bununla bağlı dəyişikliklər minik avtomobilləri, istirahət və idman üçün yaxtaların da aksizə cəlb olunan mallar qrupuna daxil edilməsini nəzərdə tutur. Bu sahədə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, həmçinin MDB dövlətlərinin təcrübəsi araşdırılmış və məlum olmuşdur ki, bu ölkələrdə aksizə cəlb olunan mal qruplarının siyahısı Azərbaycanla müqayisədə daha genişdir. Həmin ölkələrin bir qismində aksizli malların siyahısına minik avtomobilləri də daxildir. Artıq uzun müddətdir ki, Rusiya, Qazaxıstan, Gürcüstan və digər dövlətlərdə minik avtomobilləri aksizə cəlb olunur və bu sahədən daxilolmalar aksizlərdən daxil olan vəsaitlərdə özünəməxsus paya malikdir. Vergi Məcəlləsinin 190, 191, 192, 194-cü maddələrində belə dəyişikliklərin edilməsi təklif edilir.
2007-ci ildə dəyişikliklərin proqnozunun artması, “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması aksizlərdən daxilolmaların adekvat olaraq artırılması zərurətini yaratmışdır. Belə ki, aksizlər 2007-ci ilin büdcə gəlirlərinin 4,5 faizi, yəni 240 milyon manat həcmində nəzərdə tutulur ki, bunun 180 milyon manatı vergi orqanlarının, 60 milyon manatı gömrük orqanlarının xətti ilə təmin ediləcək. Aksizli malların siyahısının genişləndirilməsi, yəni bəzi yeni növ mallara aksizlərin tətbiqi və ölkə daxilində aksiz malları istehsal edən müəssisələrdə nəzarətin gücləndirilməsi, bu vergi növü üzrə proqnozun 2006-cı ilə nisbətən 30 faiz və ya 56 milyon manat artımına zəmin yaradır. Məlumat üçün qeyd edək ki, 2006-cı ilin 9 ayında vergi orqanları tərəfindən aksizlərdən dövlət büdcəsinə 109 milyon manat vəsaitin daxil olması təmin edilmişdir ki, bu göstərici də 2005-ci ilin müvafiq dövrünə nisbətən 24 faiz çoxdur.
Vergi Məcəlləsinə edilən dəyişikliklərin bir qismi mənzil tikintisi üzrə vergitutma mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Vergi Məcəlləsinin 155, 159, 218, 219, 220, 221-ci maddələrində bu istiqamətdə dəyişikliklər nəzərdə tutulur. Son illər respublikamızda mənzil tikintisi sürətlə inkişaf edir. Bu sahənin ümumi daxili məhsulda xüsusi çəkisinin artımı da müşahidə edilməkdədir. Mənzil tikintisi sahəsində vergidən yayınma hallarına hələ də yol verilməsi mənzil tikintisi fəaliyyəti ilə məşğul olan fiziki, hüquqi şəxslərin vergiyə cəlb olunması mexanizminin təkmilləşdirilməsi zərurətini yaratmışdır. Bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədi ilə Vergi Məcəlləsinə müvafiq əlavə və dəyişikliklər təklif olunmuşdur. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin konkret məbləğ və əmsallar əsasında sadələşdirilmiş vergi ödəmələri üçün yeni vergitutma mexanizminin tətbiqi nəzərdə tutulur. Yeni mexanizmə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər mənfəət və əmlak vergilərinin əvəzinə tikintinin təməl işlərinin başlandığı rübdən etibarən tikiləcək ümumi sahənin hər kvadratmetri üçün hər bir ərazi üzrə müəyyən olunan vergi məbləğini hesablayıb 2 il müddətində hər rübə 12,5 faiz büdcəyə ödəməlidirlər. Müəyyən edilmiş dövriyyə əsasında həmin şəxslər tərəfindən əlavə dəyər vergisi də hesablanıb ödənilməlidir.
Diqqəti cəlb edən məsələlərdən biri vergi borcları sahəsində inzibatçılığın təkmilləşməsidir. Hörmətli Fazil müəllim bu barədə konkret rəqəmlər dedi. Həqiqətən də, vergi borclarının vaxtında ödənilməsi, ölkənin maliyyə sabitliyinin təmin edilməsi büdcə gəlirləri üzrə proqnozların doldurulması üçün vacib şərtlərdən biridir. 2006-cı il oktyabrın 1-nə olan məlumata əsasən respublikada vergi ödəyicilərinin dövlət büdcəsinə 1,7 milyard manat borcu vardır. Vergi borcunun həcminin böyük olması bu sahədə inzibatçılığın təkmilləşdirilməsi zərurətini yaradır.
Beynəlxalq təcrübəyə əsaslanaraq Vergi Məcəlləsinin 91-94-cü maddələrinə təklif olunan dəyişikliklər vergi borclarının məcburi alınması prosedurlarının təkmilləşməsinə şərait yaradacaqdır. Belə ki, məcəllənin 94 maddəsinə nəzərdə tutulan dəyişiklik əmlakın satışından daxil olan pul vəsaiti, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsində yaranmış borcların ödənilməsi üçün kifayət etmədikdə və ya əmlak qanunvericiliyində nəzərdə tutulmuş qaydada hərracda satılmadıqda vergi orqanı tərəfindən vergi ödəyicisinin həmin borcların qalan məbləği həcmində digər əmlakı bu maddədə nəzərdə tutulmuş qaydada siyahıya alına bilinməsini nəzərdə tutur. Təklif olunan dəyişikliklər intizamsız vergi ödəyicilərinə, o cümlədən vergi öhdəliklərini vaxtında yerinə yetirməyən şəxslərə münasibətdə vergi orqanlarının həyata keçirdikləri tədbirlərin səmərəliliyinin artırılmasına xidmət edir.
Hörmətli millət vəkilləri! Dövlət büdcəsi layihəsi müzakirə edilən zaman bu istiqamətdə də böyük ehtiyatların olduğunu qeyd etdilər. Mənə belə gəlir ki, vergi borcları sahəsində inzibatçılığın təkmilləşdirilməsi həmin boşluqların aradan qaldırılmasına müəyyən dərəcədə öz müsbət təsirini göstərəcəkdir.
Vacib məsələlərdən biri əlavə dəyər vergisi ilə əlaqədardır. Bilirdiniz ki, dünyanın bütün ölkələrində əlavə dəyər vergisi ilə əlaqədar çox mübahisələr gedir, müzakirələr aparılır. Bununla bərabər qeyd etmək lazımdır ki, respublikada vergi daxilolmalarında əlavə dəyər vergisinin özünəməxsus yeri vardır. Bu sahənin stabilliyinin təmin edilməsi üçün Vergilər Nazirliyinin təklifi ilə Vergi Məcəlləsinə hökumət tərəfindən müəyyən dəyişikliklərin edilməsi göstərilir. Vergi Məcəlləsinin 164.2-ci maddəsinə əsasən idxalın Vergi Məcəlləsində göstərilməyən digər növləri müvafiq icra hakimiyyəti orqanı, Nazirlər Kabineti tərəfindən əlavə dəyər vergisindən azad edilə bilər. Bu maddəyə uyğun olaraq Nazirlər Kabinetinin Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olan malların siyahısı haqqında qərarı təsdiq olunmuşdur. Qərara əsasən hazırda respublikada 136 adda mal əlavə dəyər vergisindən azad olunur.
Mövcud şəraitdən asılı olaraq müəyyən sahənin inkişafını stimullaşdırmaq məqsədi ilə və ya strateji layihələrin həyata keçirilməsi ilə əlaqədar müxtəlif dövrlərdə bu sahəyə əlavələr və dəyişikliklər edilmişdir. Lakin müəyyən müddətdən sonra həmin sahənin kifayət qədər inkişafına nail olunduqdan və ya strateji layihələr yekunlaşdıqdan sonra əlavə dəyər vergisi üzrə tətbiq olunan güzəştlərin aradan qaldırılması zərurəti yaranır ki, bu məsələnin həlli məcəllənin 164.2-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan məsələnin vacibliyini nəzərə alaraq Vergi Məcəlləsinin 164.2-ci maddəsi yeni redaksiyada təklif olunur. Komissiyada da bu redaksiya təsdiqlənibdir. Bu redaksiyaya görə müvafiq icra hakimiyyəti orqanı konkret sahənin inkişafını təmin etməklə konkret dövr üçün nəzərdə tutulan istehsal ehtiyatlarını yerli xammal hesabına ödəmək mümkün olmadıqda istehsal təyinatlı xammal və müasir texnologiyanı təmin edən avadanlıqların idxalını əlavə dəyər vergisindən azad edə bilər. Bununla da, 2007-ci il yanvarın 1-dən etibarən idxalda əlavə dəyər vergisindən azadolma üzrə konkret sahənin inkişafını təmin etməklə konkret dövr üçün Vergi Məcəlləsində dəyişikliyin ana xəttinin mahiyyəti ondan ibarətdir ki, nəzərdə tutulan və daimi xarakter daşımayan güzəştlər tətbiq olunacaq.
Alıcının yerləşdiyi yer üzrə əlavə dəyər vergisinə cəlbolunma məsələsi ilə əlaqədar olaraq düzəlişlər təklif olunur. Bu, Vergi Məcəlləsinin 168.1, 168.5-ci maddələrini əhatə edir. Bu, çox maraqlı bir təklifdir. Mən hesab edirəm ki, buna müsbət münasibət bildirilməlidir. Vergi Məcəlləsinə əsasən malların və ya xidmətlərin təqdim edilməsi, satışı satıcı tərəfindən əlavə dəyər vergisinə cəlb olunur və bu əməliyyatlar üzrə hesablanmış vergi büdcəyə ödənilir.
Bir sıra xidmət növləri - peyk antenaları, internet, elektron şəbəkələri, elektron poçt və digər oxşar vasitələrlə göstərilən xidmətlər vardır ki, bunların satıcıları xarici ölkələrdə yerləşirlər. Onların da Azərbaycandakı vergi ödəyicilərinə göstərdikləri xidmətlərin əlavə dəyər vergisinə cəlb olunmasında problemlər yaranır. Sadalanan vasitələrlə göstərilən xidmətlər xarici ölkələrdəki şəxslər tərəfindən Azərbaycandakı şəxsə təqdim olunduğundan qeyri-rezidentin üzərinə əlavə dəyər vergisi hesablamaq öhdəliyi düşmür. Bu sahədə mövcud çətinlikləri aradan qaldırmaq məqsədi ilə beynəlxalq təcrübə araşdırılmış və məlum olmuşdur ki, belə məsələlər Avropa İttifaqının 6-cı direktivində əks olunmuş müddəalarla tənzimlənir. Avropa İttifaqının 6-cı direktivində ikiqat vergitutmanın yaranmasının qarşısını almaq, vergi ödəyicilərinin hüquqlarını müdafiə etmək və vergi orqanlarının maraqlarını nəzərə almaq məqsədi ilə bir sıra məsələlər öz əksini tapmışdır.
Bu məsələlərdən biri də müvafiq xidmət növlərinin göstərilməsinə görə əlavə dəyər vergisinin cəlbolunma yerinin müəyyənləşdirilməsidir. Bu xidmətlər kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə göstərildiyindən onların yerini dəqiq müəyyən etmək mümkün olmur. Bu xidmətlərin satıcısı ölkədən kənarda yerləşdiyi halda isə, ümumiyyətlə, belə xidmətlər vergiyə cəlb olunmur. Bu da həmin ölkənin dövlət büdcəsinə ödənilməli vəsaitin itkisinə səbəb olur. Digər tərəfdən bu sahədə ümumi razılaşma olmadıqda həmin xidmətlər həm satıcının, həm də alıcının yerləşdiyi yerdə vergiyə cəlb olunur ki, bu, ikiqat vergitutmaya səbəb ola bilər.
Avropa İttifaqının 6-cı direktivində qeyd olunur ki, radio və televiziya yayımı, poçt rabitəsi, kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və xidmətlərdən istifadə hüququnun verilməsi kimi xidmətlər alıcı tərəfindən əlavə dəyər vergisinə cəlb olunaraq hesablanmış verginin büdcəyə keçirilməsi məqsədəmüvafiqdir.
Daha bir məsələni qeyd etmək istərdim. Bu, əlavə dəyər vergisinin tutulması ilə əlaqədardır. Komissiya belə hesab edir ki, Vergi Məcəlləsindən 165.1.6-cı maddənin çıxarılması sahibkarlığın inkişafına xidmət edərdi. 161.1.6-cı maddədə beynəlxalq təşkilatların, xarici dövlətlərin, habelə dövlətlərarası və hökumətlərarası sazişlərə əsasən xarici hüquqi və fiziki şəxslərin ayırdıqları kreditlər və borclar hesabına, həmçinin bu kreditlər və borclar hesabına həyata keçirilən layihələrdə Azərbaycan tərəfinin payı 49 faizdən çox olmadıqda həmin vəsaitlər hesabına kreditləri və borcları alan şəxs tərəfindən malların (işlərin, xidmətlərin) alınması və bunların idxalı məsələsinə də baxılsın.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Vergi Məcəlləsinə dəyişikliklər İqtisadi siyasət daimi komissiyasının iclasında ətraflı müzakirə olunmuşdur. Müzakirələrdə Vergilər Nazirliyinin rəhbərləri, müvafiq qurumların rəhbərləri iştirak etmişlər. Təklif olunan dəyişikliklərin Milli Məclisin müzakirəsinə tövsiyə edilməsi məqsədəuyğundur. Təbii ki, burada mübahisə doğuran məsələlər də var. Lakin bütövlükdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər ölkənin maliyyə bazasının möhkəmlənməsinə, ölkədə vergi mədəniyyətinin genişlənməsinə, vergi inzibatçılığının sadələşdirilməsinə, eyni zamanda, vergi təbliğatının da inkişafına səbəb olacaqdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Tənəffüs elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. İclası davam etdirir və müzakirələrə başlayırıq. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də Vergi Məcəlləsinə əlavə və dəyişiklikləri diqqətlə oxumuşam və bir sıra maddələrə aşağıdakı məzmunda dəyişiklik edilməsini təklif edirəm. 11-ci sırada məcəlləyə 23.1.16-cı maddə əlavə olunur və həmin mövcud variant 23.1.17 hesab edilir. Əlavə belədir: ”Nağd pul hesablaşmalarının aparılması qaydalarını il ərzində üç dəfədən çox pozan obyektlərin fəaliyyətinin dayandırılması barəsində məhkəmələrdə iddia qaldırmaq”. Mən hesab edirəm ki, nağd pul hesablaşması aparılması qaydalarını il ərzində 3 dəfədən çox pozan obyektlərin fəaliyyətinin dayandırılması yox, ona cərimə tətbiq olunması daha məqsədəuyğundur. Çünki hər hansı bir işçinin hərəkətsizliyindən və yaxud da konkret olaraq qeyri-qanuni hərəkətlərindən bütövlükdə müəssisəni bağlamaq olmaz. Hər hansı bir işçi qeyri-qanuni hərəkət edibsə, hər hansı bir işçi nağd pul hesablaşmalarının aparılması zamanı qaydaları, Vergi Məcəlləsinin tələblərini pozubsa, ona görə obyekti bağlamaq yox, ona məhkəmələr qarşısında daha sərt maliyyə sanksiyası tətbiq etmək lazımdır ki, fəaliyyəti davam etsin, həm də qanun pozuntusuna görə cərimə ödəyə bilsin. Biz yeni iş yerlərinin açılması proqramlarından danışırıq, amma belə bir məhdudiyyəti bu cür sərt şəkildə qoyuruq. Mən bunun tərəfdarı deyiləm.
22-ci sırada 58.6 və 58.8-ci maddələrinin əlavə olunması ilə də bağlı təklifim var. Orada qeyd olunur ki, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları tətbiq edilmədən bu və ya digər pozuntulara yol vermiş şəxslərə, yəni vergi ödəyicilərinə il ərzində belə hallara görə birinci dəfə 400 manat məbləğində, ikinci dəfə 800 manat, üçüncü dəfə 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Hesab edirəm ki, bu maliyyə sanksiyasının miqdarı həddən artıq çoxdur. Bu maliyyə sanksiyasını, ən azı 200, 400, 800 manat məbləğində tətbiq etmək lazımdır. Kiçik bir obyektdir, nəzarət-kassa aparatında dayanan bir işçinin savadsızlığı və ya məsuliyyətsizliyi ucbatından sahibkara bu dərəcədə cərimə sanksiyası tətbiq etmək, mən hesab edirəm, həddindən artıq insafsızlıqdır. Çünki onun elə ay ərzində qazandığı 400 manat vəsait olur. İl ərzində 1200 manat vəsait ödəmək, hesab edirəm ki, bir sahibkara ciddi şəkildə ziyan vura bilər.
34-cü sırada təklif olunur ki, 90.1-ci maddədə “60” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin. Bu nədir? 60 gün müddətində borcun ödənilməsi ilə bağlı əmlakın siyahıya alınması, yoxsa əmlakın hərraca çıxarılmasıdır? Mən hesab edirəm, əgər vergi orqanları 60 günü 30 günlə əvəz edirlərsə, bu, olduqca azdır. Təklif edirəm ki, “30” rəqəmi “45” rəqəmi ilə əvəz olunsun. 45 gün müddəti də bu tələblərə cavab vermirsə, 45 gündən sonra onun haqqında konkret olaraq tədbir görülsün.
36-cı sırada 90.4-cü maddəyə əlavə olunan abzas belədir: “Əmlakın satışından daxil olan pul vəsaiti vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsində yaranmış borcların ödənilməsi üçün kifayət etmədikdə və ya əmlak qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərracda satılmadıqda vergi orqanı tərəfindən vergi ödəyicisinin həmin borclarının qalan məbləği həcmində digər əmlakı bu maddədə nəzərdə tutulmuş qaydada siyahıya alına bilər”. Bu əlavədə istəyirəm ki, bir qədər dəqiqləşmə və konkretlik olsun.
Əvvəla, “vergi borclarının ödənilməsi üçün əmlak hərracda satılmadıqda” ifadəsi bir az iş adamlarının, sahibkarların mənafelərinə ziddir. Bilirsiniz ki, hərracda bu və ya digər səbəblərdən əmlak konkret müddətdə deyil, amma ondan sonrakı müddətdə satıla bilər. Bunun üçün gözləmə limiti olduqca azdır. Hesab edirəm, “hərracda satılmadıqda” olmamalıdır. Onun konkret qiyməti müəyyən edilməlidir. Bundan sonra o, dövlətin balansına keçməlidir. Dövlətin balansına keçən qiymətlə də sonralar onu hərracda bu və ya digər şəkildə satmaq olar. Yəni bu zaman vergi orqanı tərəfindən alınan məbləğ həcmində digər əmlak siyahıya alına bilər. Mən hesab edirəm ki, bura istehsal müəssisələrini aid eləmək olmaz. Əmlakın o hissəsi onun əlindən alına bilər ki, həmin hissə konkret olaraq digər insanların mənafeyinə ziyan vurmasın. Yəni orada əmək müqaviləsi şərtləri ilə işləyən işçilərin mənafeyinə ziyan dəyməməlidir. Hesab edirəm ki, bu qayda tətbiq olunsa, daha optimal olar.
55-ci sırada 164.2-ci maddənin dəyişdirilməsi, hesab edirəm, təqdirolunası haldır. “…yerli xammal hesabına ödəmək mümkün olmadıqda istehsal təyinatlı xammal və müasir texnologiyanı təmin edən avadanlıqların idxalını əlavə dəyər vergisindən azad edə bilər”. Sonu “azad edilə bilər” yox, “azad edilir” olsun. Yəni burada boşluq yaranmasın. Bütövlükdə, əgər daxili təyinatı, istehsal ehtiyaclarını yerli xammal hesabına ödəyə bilmirsə və yaxud müasir texnologiya ilə təmin olunmaq baxımından xaricdən avadanlıq gətirirsə, birmənalı qaydada, “azad edilməlidir” ifadəsi ilə əvəz olunsun.
63-cü sırada 190.4-cü maddədə aksiz dərəcələrinin tətbiq olunması məsələsi qoyulur. Minik avtomobillərinə, istirahət və idman üçün yaxtalara və digər üzən vasitələrə aksiz dərəcələrinin tətbiq olunmasının bu və ya digər şəkildə tərəfdarıyam. Mən şəhərin avtomobil sıxlığını da, şəhərdə çoxlu sayda xarici nişanlı avtomobillərin olmasını da qəbul edirəm. Amma mənə elə gəlir ki, rəqəmlər həddindən artıq yüksəkdir. Tutaq ki, 3001-dən 4000-dək olan hissəyə görə 2 manat məbləğində aksiz dərəcəsinin tətbiqi qiymətlərin 7500-8000 ABŞ dolları həcmində bahalaşmasına gətirib çıxaracaq. Bu, həddindən artıq yüksək rəqəmdir. 3000-dək olan hissəyə görə alınan məbləğ “Jiquli” avtomaşınlarının və yaxud bu gün MDB-dən gələn maşınların bazarına ciddi təsir edəcək. Bu, qiymətlərin 1500-2000 ABŞ dollarına qədər, digər maşınların isə bəzilərinin hətta 20 min, 25 min ABŞ dolları məbləğində bahalaşmasına səbəb olacaq. Ona görə, hesab edirəm, bu qiymətlər yarıbayarı azaldılmalıdır. Çox sağ olun, minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən əlavə edilən dəyişikliklərdən yalnız biri barədə danışmaq istəyirəm. Bunu məndən öncə həmkarım qeyd elədi.
 Müəyyənləşdirilən aksiz dərəcələri, əsasən, xaricdən gələn avtomobillərlə bağlıdır. Əlbəttə, bahalı yeni avtomobillər alan şəxslər onu 70 min, 80 min yeni Azərbaycan manatına alırsa, qoy 20 min yeni Azərbaycan manatı məbləğində də, tutaq ki, aksiz dərəcəsi ödəsin.
Burada nələr nəzərdə tutulmur və edilən dəyişiklik nəyə gətirib çıxaracaq, mən bu barədə öz fikirlərimi bildirmək istəyirəm. Bu ona gətirib çıxaracaq ki, Bakının küçələri Rusiyanın texniki cəhətdən heç də müasir standartlara cavab verməyən keyfiyyətsiz avtomobilləri ilə dolacaq. Ona görə ki, keyfiyyətli avtomobillər ala bilməyənlər gedib ucuz avtomobillər alacaqlar. Onun üçün də, məncə, biz mühərrikin həcmi 3 min kubsantimetr olan avtomobillərə də aksiz dərəcəsini qaldırmalıyıq. Bakıda, ümumiyyətlə, Azərbaycanda baş verən avtonəqliyyat hadisələri zamanı ölümün səbəblərinin çox olması həm də onunla bağlıdır ki, bu avtomobillər, ümumiyyətlə, keyfiyyətsizdirlər, yaxud xaricdən gətirilmiş köhnə nəqliyyat vasitələridirlər.
Oqtay müəllim, dünyanın bir çox ölkələrində, yəqin, bunu burada əyləşənlərin hamısı bilir ki, avtomobillərin müəyyən istismar müddəti var. Avtomobillər köhnəldikcə ona tətbiq edilən vergi faizləri artır. Məsələn, Almaniyanın özündə avtomobil köhnəldikcə ona qoyulan vergi məbləği artır. Odur ki, avtomobil sahibləri onu bir müddət işlədib, sonra bizim kimi ölkələrə satırlar. Hətta sata bilməyəndə, məcburdurlar ki, o avtomobilə görə ildən-ilə artan faizləri ödəsinlər. Belə olanda, 200 avro da ciblərindən verib, onu addan silinmiş yararsız metal avadanlığı kimi təkrar emala göndərirlər.
Mənə elə gəlir ki, bu cədvəl ki burada nəzərdə tutulub, onu böyütməliyik. Burada aksiz dərəcələri təkcə mühərrikin həcminə görə müəyyən olunmamalıdır, həm də avtomobilin istehsal olunduğu il ilə müəyyənləşməlidir. Köhnə avtomobillərin Bakıya axınının qarşısını almaq üçün, mənə elə gəlir ki, avtomobilin istehsal olunduğu vaxt çoxaldıqca, o aksiz dərəcələri də buna görə artırılmalıdır ki, Bakı avtomobil zibilxanasına çevrilməsin. Xarici ölkələrin köhnə avtomobillərini öz ölkələrində metal qırıntısına çevirmək əvəzinə, gətirib Azərbaycanda yerləşdirilməsinə imkan verilməməlidir.
Burada bizim ortabab insanlar üçün nəzərdə tutulan avtomobillər var. Elə eləmək lazımdır ki, o avtomobillərin aksiz dərəcələri müəyyən mənada az olsun. Çünki bunların keyfiyyəti yüksəkdir, texniki göstəriciləri yaxşıdır, qiymətləri münasibdir.
Bakının küçələri, dediyim kimi, gərək “Jiquli” ilə dolmasın. Bilirsiniz ki, bunların tormoz sistemləri müasir dünya standartlarına cavab vermir. Ona görə qəzalar da həddindən artıq çoxalıbdır. Bu baxımdan, məncə, biz Rusiya avtomobilləri üçün Azərbaycanda əlverişli bazar yaratmaq barədə düşünməməliyik. Elə eləməliyik ki, dövlətin həm gömrük, həm vergi siyasəti təkcə rüsum, vergi toplamağa xidmət eləməsin, eyni zamanda, həm xalqımızın təhlükəsizliyini, həm də daxili bazarın qorunmasını təmin eləsin. “Jiquli” kimi keyfiyyətsiz avtomobillərdən söhbət gedirsə, biz özümüz artıq İranla birlikdə “Jiquli”dən də keyfiyyətli minik avtomobili buraxırıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, hörmətli qonaqlar! Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında təqdim olunan qanun layihəsi olduqca vacib və zəruri bir sənəddir. Hesab edirəm ki, bu, vergi orqanlarının fəaliyyətinin daha da yaxşılaşmasına təsir göstərən bir məsələdir.
Burada hörmətli nazir və komissiya sədri çıxış elədilər və bizə qanunun zəruriliyi barədə ətraflı məlumat verdilər. Bizim bu gün Azərbaycanda vergi orqanlarının nə qədər vacib rola malik olduğu bir daha vurğulandı. Əlbəttə, bu qanun layihəsinin tətbiq olunması gələcəkdə yeni-yeni qanunların qəbul edilməsinə, işlərin daha da təkmilləşməsinə gətirib çıxaracaqdır.
Ümumiyyətlə, ölkəmizdə vergi siyasəti getdikcə təkmilləşir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının büdcəsinə gəlirlərin daxil olmasında bu orqanların yeri və əhəmiyyəti durmadan artır. Bununla belə mənim bəzi təkliflərim var, onları gələcəkdə, ola bilsin ki, nəzərə alsınlar. Burada avtomobillə bağlı məndən əvvəl həmkarlarım da çıxış elədilər.
Mən buna tamamilə başqa səpkidə yanaşmaq istəyir və hesab edirəm ki, vergi dərəcələrinin artırılması olduqca məntiqli və zəruridir. Çünki Azərbaycana avtomobil idxalı günbəgün artır. Əgər siz Azərbaycanın sərhədlərindən keçən mallara baxsanız, avtomobillərin sayının daha da artdığını görə bilərsiniz. Hətta diqqət yetirsəniz, görərsiniz ki, xarici ölkələrdən avtomobil idxalı sifarişlərinin 90 faizi Cənubi Qafqaz bölgəsində Azərbaycana aiddir. Ola bilsin ki, bəzi iş adamları vergi dərəcələrinin artacağı haqqında oradan-buradan artıq məlumat əldə etdikləri üçün daha çox avtomobil gətirmək istəyirlər. Amma bilmirəm, yanvarın 1-nə qədər bunu çatdıracaqlar, ya çatdırmayacaqlar.
Biz nəyin bahasına olursa-olsun dəbdəbəli həyatda vergini artırmalıyıq. Elə eləməliyik ki, kim daha çox pul qazanırsa, o daha çox vergi ödəsin. Kim daha çox pulu dəbdəbəyə xərcləyirsə, biz o dəbdəbəyə xərclənən pulun üzərində vergini daha çox almalıyıq. Əks təqdirdə, bizim iqtisadiyyatımızda holland sindromu, ispan “xəstəliyi” yaranacaq. Bunun qarşısını almağın yeganə yolu vergidir. Yəni biz məcbur eləməliyik ki, pulu olan adamlar, sahibkarlar pullarını dəbdəbəyə yox, istehsala cəlb eləsinlər, yeni iş yerləri açsınlar.
Bahalı avtomobilləri kim gətirir? Əlbəttə, imkanı olan insanlar gətirirlər. İmkansız adam gedib elə bahalı avtomobil alan deyil. Ona da ikiqat, üçqat vergi tətbiq eləmək lazımdır ki, o düşünsün və dərk etsin ki, avtomobili gətirib burada onun alğı-satqısını keçirmək onun üçün əlverişlidir, yoxsa yeni bir iş yeri açmaq? Maraqlansanız, Türkiyədə idxal olunan avtomobilin qiyməti öz qiyməti ilə bərabərdir, yəni ikiqat qiymətə satılır. Mən hesab edirəm ki, burada dəyişiklik eləmək yox, bu xətti daha da sərtləşdirmək lazımdır.
İndi Bakıda minlərlə taksidən istifadə olunur. Bu gün Azərbaycanda taksidən istifadə edən zaman hansısa bir formada verilən pulların vergiyə cəlb olunması, demək olar ki, baş tutmur. Düzdür, onlar üçün müxtəlif lisenziyalı ödəmələr vardır. Amma bu gün Bakıda taksilərdən istifadə edərkən qiymətləri taksi özü müəyyənləşdirir. Xarici ölkələrdə olduğu kimi, bizdə taksilərdə sayğacları görmürük. Bu, əlbəttə, həm maliyyə, həm də bizim şəhərin simasına aid olan məsələdir. Mən hesab edirəm, Vergilər Nazirliyi bu məsələyə xüsusi diqqət yetirməlidir.
Mənzil tikintisi ilə bağlı sadələşdirilmiş verginin tətbiq edilməsini Fazil müəllim qeyd elədi. Bu, çox yaxşı haldır, amma burada bir məqam var, ola bilsin ki, sonra bu, kvadratmetrə görə tətbiq olunanda hansısa başqa metodlara əl atılsın. Bunun qarşısını almaq lazımdır. Burada qeyd elədilər ki, bunu iki il müddətinə verməlidirlər. Yəqin ki, Misirdə olanlar Qahirə şəhərinə fikir veriblər. Şəhərin üçdə biri tikilməmiş vəziyyətdədir. Mən orada olanda maraqlandım, dedilər ki, bunlar kredit tam ödəndikdən sonra həmin mənzillərdən kreditə edilən əlavəni almağa başlayacaqlar. Onlar mənzilləri buna görə tam tikmirlər, yarısını tikib istifadəyə veriblər, yarısının da üstünü açıq qoyub deyirlər ki, hələ başa çatdırmamışam. Gələcəkdə bizim işbazların müxtəlif vasitələrlə kvadratmetrdən yayınmaq üçün variantlar tətbiq edə biləcəklərini də düşünmək lazımdır və bunların qarşısı alınmalıdır.
Burada bir 164.2-ci maddə var. Mən onu təmiz oxumaq istəmirəm. “Müvafiq icra hakimiyyəti” sözləri ilə başlanan abzas “azad edə bilər”lə bitir. Biz bunu konkretləşdirməliyik, həmin ifadə belə yayğındır. Deməli, burada artıq kiminsə iradəsindən asılı olacaq. İstəsə, azad edəcək, istəməsə, eləməyəcək. Yəni bunun mexanizmi yoxdur. Ona görə də mən hesab edirəm ki, bu məsələ orada tam dəqiqləşdirilməlidir. “Azad edilir” daha dəqiqdir. Ümumiyyətlə, qanunun dili kəskin olmalıdır və orada da bu ifadə konkret yzılmalıdır.
Mən büdcənin müzakirəsi zamanı çıxışımda daşınmaz əmlakla bağlı fikrimi demişdim. Bir daha onu təkrar edirəm ki, Bakıda çoxsaylı evlər tikilibdir və o evlərin sahibkarları vergi ödəmirlər. Yəni bir ev, iki ev üçün, ola bilər, ödəyir. Amma burada məsələyə mütləq diferensial yanaşmaq, ağır vergi şərtləri qoymaq lazımdır ki, o mənzillər ya istifadəyə verilsin, ya da ki, boş-boşuna saxlanmasın. Əgər yüngül vəsait ödəyirsə, əlbəttə, onu 10 il də saxlaya biləcək. Daşınmaz əmlak kimi banka pul yerləşdirməkdənsə, buraya yerləşdirəcək. Odur ki, burada da dəyişikliklər eləmək lazımdır.
Sonra, burada 124.4-cü maddə əlavə edilir: “Azərbaycan Respublikasında daşınmaz əmlakın vergitutma məqsədləri üçün aylıq icarə haqqı məbləğinin minimum həddi müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir”. Konstitusiyaya görə bizdə vergitutma, rüsumlar Milli Məclisin səlahiyyətindədir. Əgər bu, Nazirlər Kabinetinə veriləcəksə, onun belə səlahiyyətləri Konstitusiyada müəyyənləşməyibdir. Vergitutmanı hansısa icra orqanı, bir nazirlik müəyyən edəcəksə, bununla da artıq Milli Məclisin səlahiyyətinə toxunmuş olacaqdır. Bunu hansı bir formada eləmək lazımdır, onu bilmirəm. Mənə elə gəlir ki, burada nə isə bir ziddiyyət vardır, ona diqqət yetirmək lazımdır.
Ümumilikdə götürdükdə yeni layihədə təqdim olunan əlavə və dəyişikliklər ki var, bunlar bir məsələyə - Azərbaycanda bu və ya digər formada vergidən yayınmanın qarşısını almağa xidmət eləyir. Son illərdə bizim vergi orqanlarının ciddi səyləri nəticəsində mən dəqiq faizləri deyə bilmərəm, amma hesab edirəm ki, vergidən yayınmanın qarşısı ciddi şəkildə alınmaqdadır. Düzdür, buna tam son qoya bilmərik, Amerikada da buna son qoya bilməyiblər, ancaq bu yöndə işlər gedir və bizə də belə qanunlar çox vacib lazımdır. Gələcəkdə bu tipli qanunları daha da təkmilləşdirərək təqdim eləmək lazımdır. Mən bu qanun layihəsinə səs verəcəyəm və həmkarlarımı da buna səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də çıxış edən həmkarlarım kimi hesab edirəm ki, bu əlavə və dəyişikliklərin bir çoxu vacib və lazımlıdır. Amma burada bəzi məsələlər var, suallar doğurur və mən istərdim, onlara aydınlıq gətirilsin. Birinci, gəlir vergisindən azadolmalar və güzəştləri tamam saymaq istəmirəm. Hədiyyələrin dəyərinə, təhsil və müalicə haqlarını ödəməyə görə maddi yardımın dəyəri şərti maliyyə vahidinin min mislinədək, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın dəyəri şərti maliyyə vahidinin 2 min mislinədək, mirasların dəyərinə görə maddi yardımın dəyəri şərti maliyyə vahidinin 20 min mislinədək olarsa… Ümumiyyətlə, bunun mexanizmini necə işləyəcəklər? Yəni mənə verilən hədiyyənin 1000 yox, 1200 manat olması necə müəyyənləşəcək? Bu sistemin necə işləməyinə, mən istərdim, bir az da aydınlıq gətirilsin.
İkinci bir məsələ onunla bağlıdır ki, məsələn, Vergi Məcəlləsinin 220-ci maddəsinin 10-cu bəndində yazılıb ki, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergini bu məcəllənin 219.1.2-ci maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadratmetri üçün 10 manat məbləğinə aşağıdakı əmsalları tətbiq etməklə hesablayırlar. Bundan sonra ayrı-ayrı bəndlərlə yazılıb: Bakı şəhərində; şəhərin mərkəzi, şəhərin mərkəzindən kənar, şəhərin ətrafı, şəhərin digər ərazisi. Bu “şəhərin digər ərazisi” nə deməkdir? Şəhərin mərkəzi var, şəhərin kənarı var. Digər ərazini fərqləndirib ona çox kiçik bir əmsal qoyublar. Aydınlaşdırılsın ki, bu digər ərazi nə deməkdir?
Burada şəhərin hər yeri sadalanır, Bakının bütün hissələrinə də başqa-başqa qiymətlər qoyulur, amma Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində götürüb bir rəqəmi tətbiq ediblər. Məgər Gəncənin mərkəzi ilə onun kənarları, ucqarları eynidir? Bu məsələlər niyə nəzərə alınmayıb? İstərdim, bunu qeyd edək. Burada kənd rayonları da, digər rayonlar da olub. Kənd rayonlarında, ümumiyyətlə, gedib tikinti aparan çox azdır. Bəlkə biz bu vergiləri azaldaq ki, kənd rayonlarımızda tikinti işləri bir az sürətlənsin?
Müğənnilik (xanəndəlik), toy və şənliklərdə aparıcılıq və bunun kimi digər fəaliyyətlərlə bağlı sadələşdirilmiş verginin aylıq məbləği 60 manat qoyulubdur. Elə müğənnilər var ki, onların aylıq gəliri 10-15 min ABŞ dollarıdır. Elə müğənnilər də var ki, arada xanəndəlik eləyir, 60 manatdan bir az artıq pul qazanır, ya qazanmırsa, bunu ümumiləşdirib 60 manat qoymaq nə dərəcədə doğrudur və dünyanın hansı ölkəsində belə bir prinsip tətbiq olunur? Elə qonşu Türkiyədə bu prinsiplər tamamilə fərqli istiqamətdə gedir.
Digər bir məsələyə də toxunmaq istəyirəm. Ümumiyyətlə, büdcənin ötən müzakirəsində də əmək müqaviləsi olmadan işçilərin işə götürülməsi məsələsinə toxunduq. Vergidə bu cür fırıldaqlar özünü daha çox göstərir. Dünyada, ümumiyyətlə, xərclərin 50 faizinə yaxını əmək haqqı ilə bağlıdır. Bizdə əmək haqqı xərcləri maddəsində bu rəqəm 15 faizə gəlmir. Saxta hesablaşma sənədləri ilə aparılan xərclərdə malların alınması qiyməti həddindən artıq şişirdilib. Büdcədən həddindən çox vergi yayınıb. Ümumiyyətlə, Vergilər Nazirliyi bunların qarşısını almaq üçün hansısa digər mexanizmlərə əl atmağı düşünürmü?
Əlavə və dəyişiklikləri müzakirə edirik deyə, digər bir məsələni də burada demək istəyirəm. Bizdə təhsildə ən ağrılı problemlərdən biri məktəbəqədər təhsilin çox zəif səviyyədə olmasıdır. Məktəbə gedən şagirdlərimizin çoxu məktəbəqədər təhsil müəssisələrindən çox az faizindən başqa keçmirlər. Bu da, təbii ki, təhsildə müəyyən fəsadlarını göstərir. Cənab Prezident məktəbəqədər təhsil müəssisələrinin, bağçaların özəlləşdirilməsində də bir məsələni qarşıya qoyubdur ki, bunlardan ancaq təyinatı üzrə istifadə edilə bilər. Ümumiyyətlə, belə müəssisələr çox gəlirli sahə hesab olunmadığına görə iş adamları onların yaradılmasında o qədər də maraq göstərmirlər. Vergilər Nazirliyində bu sahənin vergilərdən azad edilməsi, heç olmasa, bir müddət ərzində, məsələsinə, ümumiyyətlə, baxılırmı?
Bir məsələni də qaldırmaq istəyirəm. Həmkarlarımın bəziləri danışdı, mən özüm də burada Ermənistanla sərhəd olan rayonun təmsilçisiyəm. Bizim kəndlərin böyük bir hissəsi Ermənistanla sərhəddə yerləşir. Həmin kəndlərdə yaşayanlar su olmadığına görə torpaqlardan da istifadə edə bilmirlər. Çünki Ermənistandan gələn su kanallarının qarşısı ermənilər tərəfindən kəsilib. Bəzi pay torpaqlarımız Müdafiə Nazirliyinin balansındadır. Bir sözlə, orada vəziyyət heç də asan deyil. Ermənistanla sərhədyanı kəndlərin bütün vergilərdən azad olmasına necə, biz baxa bilərikmi? Çünki bu, bir az siyasi məsələdir və o kəndlərimizin, təbii ki, inkişafı çox vacib əhəmiyyət daşıyır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk növbədə hesab edirəm ki, irəliyə sürülən əlavə və dəyişikliklər son illər Azərbaycanın iqtisadi həyatında gedən ciddi dəyişikliklərin nəticəsidir və bu bir dinamik prosesdir, statik deyil. Buna müvafiq olaraq da qanunvericilik bazası həmin dinamizmə uyğunlaşdırılmalıdır və çox mütərəqqi olmalıdır.
Hər belə dönəmdə büdcə zərfinə daxil edilən qanun layihələrindən biri ilə vergi qanunvericiliyində ciddi dəyişikliklər həyata keçiririk. Bu da heç bir halda, ayrı-ayrı iqtisadçıların dediyi kimi, sahibkarlıq subyektlərinin fəaliyyətinə mane olmur, əksinə, onların ümumi fəaliyyətinin gedişində meydana çıxır və qanunvericilik təşəbbüsü hüququnun subyekti də bu yöndə dəyişiklikləri irəli sürməlidir. Ümumiyyətlə, Azərbaycanın iqtisadi həyatı ilə bağlı ciddi analizlər aparan beynəlxalq qurumlar da bu prosesi müsbət qiymətləndirirlər. Məsələn, ən sərt qurumlar belə, Vergilər Nazirliyi tərəfindən Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə bağlı aparılan bu dəyişiklikləri, eyni zamanda, struktur islahatlarını, vergi inzibatçılığının səmərəliliyinin artırılması yönündə aparılan fəaliyyəti öz hesabatlarında müsbət bir xətlə qeyd eləyiblər.
Mən irəli sürülən bugünkü dəyişikliklərin, əsasən, bir neçəsi üzərində dayanmaq istəyirəm. Yeri gəlmişkən deyim ki, bu məsələlər bizdən əvvəl mediaya çıxıb və müxtəlif iqtisadçıların maraqlarını cəlb eləyib. Burada hansısa çıxışlarda deyildi ki, maraqlı dairələr bu yöndə ictimaiyyətin bəlkə həmin sahə ilə bağlı olmayan tərəflərini də hərəkətə gətiriblər ki, öz xeyirləri üçün daha əlavə güzəştlər əldə eləsinlər.
İlk növbədə, nağd pul hesablaşmaları və sairi sadalamaq yox, tətbiq olunan cərimə sanksiyalarına toxunmaq istəyirəm. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin vaxtında Azərbaycanın əyalətlərinin iqtisadi cəhətdən ayağa qalxması üçün vergi məsələlərində çox ciddi güzəştlər tətbiq edilmişdi. Mənə elə gəlir ki, rayon və kəndlərin özündə mövcud olan və kiçik dövriyyə ilə işləyən bir ticarət nöqtəsinə 400 manat və ya digər bu cür cərimə sanksiyaları tətbiq eləmək məsələsi üzərində bir az düşünmək olar, yəni nazirlik bu məsələlərə yenidən baxa bilər.
Vergilər Nazirliyi tərəfindən toplanan vəsaitlərin çəkisinin nəyə görə artması başa düşüləndir. Biz deyirik, dövlət iqtisadi proseslərə müdaxilə eləməsin, onun faizi getdikcə aşağı düşsün. Yeni vergi subyektlərinin yaradılması, bu sahələrin genişlənməsi yönündə nazirliyin apardığı fəaliyyət təqdirəlayiqdir. Bu, əlbəttə, bizim tərəfimizdən birmənalı şəkildə müdafiə olunur. Amma bir daha deyirəm ki, bu məsələdə diferensial yanaşmaya bir daha baxmaq olar.
57-ci bənddə 168-ci maddəyə edilən dəyişikliklər verilmişdir. Bunlara telekommunikasiya, poçt rabitəsi xidmətlərinin göstərilməsi, kompüter, internet və digər elektron şəbəkələrdən istifadə məsələləri aiddir. Azərbaycanda neft sektorundan sonra, cənab Prezidentin özünün də dəfələrlə vurğuladığı kimi, bu informasiya texnologiyaları sektoru özünün gələcək inkişafına görə büdcə daxilolmalarında xüsusi bir yer tutmalıdır. Yəni bunlar perspektiv inkişaf sahələri kimi nəzərdə tutulur.
Sıravi vətəndaşlardan tutmuş çoxlarına qədər, hamı, hörmətli Ziyad Səmədzadə də Avropa İttifaqında mövcud olan direktivlərə istinad edərək bunun tətbiq olunduğunu qeyd eləyirlər. Məsələn, adi mobil telefon sahibləri abunə qaydasında xidmət xərclərini, bir də əlavə dəyər vergisini ödəyirlər. Ola bilsin ki, bunların hamısını biznes fəaliyyəti aparan insanlar hesab edərək dəyər anlayışını bura tətbiq eləyiblər. Bunlar isə, məhz o xidməti aparanların üzərinə qoyulur. Bu məsələyə, əlbəttə, baxmaq lazımdır ki, bu, həmin sektorda kompüter, internet istifadəçilərinə ağır yük olmasın. Yoxsa dərhal, paralel şəkildə tariflərdə onun aşağı salınması müşayiət olunacaq? Bu sahənin, əlbəttə, vergilərə cəlb olunması istəyi, məramı təqdirəlayiqdir, başa düşüləndir. Çünki bu məsələ boş qalmışdı, halbuki bundan istifadə eləyən qurumlar, insanlar və ya iş dairələri var. Bir daha təkrar edirəm ki, bu istək digər istifadəçilərin hüquqlarına, yəqin ki, toxunmayacaq.
Növbəti bir müddəa kimi maşınlara, yəni nəqliyyat vasitələrinə tətbiq edilən aksizlərlə əlaqədar fikirlərimi söyləmək istəyirəm. Vergilər Nazirliyi ilkin dövrlərdə çox liberal bir siyasət yürütdü. Bunu heç kəs inkar edə bilməz. Təəssüf ki, mənim əlimdə Azərbaycanın və ya digər ölkələrin hər min nəfərinə neçə fərdi nəqliyyat sahibi düşməsi barədə müqayisə aparmaq imkanı yoxdur. İkinci bir imkanımız da yoxdur ki, biz deyək, Azərbaycanda nə qədər Avropa və MDB istehsalı olan maşın vardır. Gəlin onu da inkar eləməyək ki, maşın parkında yaranmış bugünkü çox ciddi böhrana biz özümüz səbəb olmuşuq. Bunu tənzimləməyin heç bir başqa modeli yoxdur. Yeganə onu deyə bilərik ki, dövlət müxtəlif vergi dərəcələrini tətbiq eləməklə bu prosesə qarışa bilər. Ayrı bir yol yoxdur. İkinci, daha qaba və kobud yol yanacaq daşıyıcısının qiymətini qaldırmaqdır. Bu da dərhal, təbii olaraq, ölkədə digər sektorlara təsir edəcək inflyasiya bumu yaradacaq və sosial gərginlik mənbəyinə çevriləcəkdir. Mən bu fikri, buradakı müddəaları tamamilə qəbul eləyirəm. Lakin burada deyilən kimi, həqiqətən də, Avropa ölkələrinin maşın qəbiristanlıqlarındakı nəqliyyat vasitələrinin bu ölkəyə daşınmaması üçün mütləq tədbirlər görmək lazımdır. Qeyri-rəsmi dairələrdə belə fikirlər formalaşmışdı ki, 2002-ci ilə qədər istehsal olunan maşınlara vergi dərəcəsinin daha yuxarı qoyulması tətbiq olunacaq. Bununla Azərbaycana köhnə maşınların daxil olmasının qarşısı müəyyən qədər alınardı. Mən istərdim ki, illə bağlı məsələyə də baxılsın.
Burada hörmətli Qənirə xanımın toxunduğu məsələyə dair mən də fikrimi demək istəyirəm. Bu müstəqillik dövrü ən çox sənət adamlarının bəxtini açdı. Şadlıq və sair mərasimlərdə müğənnilik fəaliyyəti aparan insanların aylıq gəlirinin 10-15 min ABŞ dollarına bərabər olduğu deyildi. Yəni bunlar illik, ən azı, 100-150 min ABŞ dolları qədər gəlir əldə eləyirlər. Təbii olaraq bu məbləğdən ayda cəmi 60 manat vergi ödənilməsini müəyyənləşdirmək, məncə, azdır. Bəli, mən də bunun əleyhinəyəm. Heç kəs onların qazanmasına, böyük gəlir əldə eləməsinə pis baxmır. Ümumiyyətlə, ölkədə villaların və ya varlı insanların olmasını biz alqışlamalıyıq. Buna pis yanaşmaq olmaz. Amma burada tətbiq olunan vergilərin dərəcələrinin artırılması daha düzgün olardı.
Evlərlə bağlı, yəni tikinti sektoruna da vergilər tətbiq olunur. Bu vergi şkalası indi dəyişdirilir. Sadələşdirilmiş, ya da mənfəət vergisi qəbul olunur. Əmlak tikintisinin hər yüz kvadratmetri ilə bağlı diferensial bir yanaşma irəli sürülür. Bu, mənzillərin qiymətini bahalaşdıracaq və əhalinin kasıb hissəsinin mənzil almaq imkanına zərbə vuracaq. Bunları məntiqi səbəbdən danışmırlar. Ölkədə hər kəsə və bu parlamentdə əyləşən insanlara da bəllidir ki, hər hansı bir mənzilin maya dəyərindən oturan rəqəmlər nəyin hesabına başa gəlir. Biz o səbəblərdən danışmalıyıq. Çox açıq şəkildə ona qarşı mübarizə ilə bağlı fikirlərimizi söyləməliyik. Odur ki, biz təkcə o vergilərin tətbiqinə qarşı çıxmalı deyilik. Dəfələrlə deyirik ki, ölkədə ümumi yürüdülən iqtisadi siyasətin xarakteri varlı və kasıb təbəqə arasındakı fərqin aradan qaldırılmasıdır. Bu fərqin aradan qaldırılmasının yolları da bu cür iqtisadi vasitələrlə ola bilər. Mən bu təklifi birmənalı şəkildə müdafiə edirəm. Lakin hesab edirəm ki, bu tikinti sektorunda qiymət bahalaşmasından danışanlar artıq həqiqi səbəblərə daha geniş yer versinlər. Mən bütövlükdə irəli sürülmüş dəyişiklikləri müdafiə edirəm və ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Ümumiyyətlə, məndə bu müzakirələrin gedişi və konkret olaraq hal-hazırda müzakirə elədiyimiz məsələ ilə bağlı yaranmış təəssürat ondan ibarətdir ki, Azərbaycan kimi bir ölkədə, yəqin ki, nə ayrıca Vergilər Nazirliyinə, nə də Gömrük Komitəsinə ehtiyac var. Dünyanın bir sıra ölkələrində artıq sınaqdan çıxmış bir təşkilati struktura çoxdan qayıtmalı idik. Hər iki dövlət orqanı Maliyyə Nazirliyinin tərkibinə daxil olmalıdır. Təsadüfi deyil ki, bizə təqdim olunan sənədlərin hamısında büdcə və vergi siyasəti bir blokda gedir. Büdcə və vergi siyasətinin ayrıca aparılması makroiqtisadi strategiyanın işlənib hazırlanmasını və bir orqanda cəmləşdirilməsini, yəqin ki, tələb edir.
Qanun layihəsinə konseptual münasibətimi bildirmək istəyirəm. Büdcə məsələsinin müzakirəsi başlanan dövrdən bir sıra şəxslər, deputatlar, o cümlədən konkret olaraq mən məhz vergi yığımlarına qarşı müəyyən iddialarla çıxış edirik. Ciddi, bəzən ittiham xarakterli fikirlər, bəyanatlar səsləndiririk. Çox təəssüf ki, nə Vergilər Nazirliyinin, nə də digər əlaqədar orqanların Azərbaycan cəmiyyətinə görə əsaslandırılmış təkliflərini biz eşidirik. Şəxsən mən çox məmnuniyyətlə səhv elədiyim və ya yanlış toxunduğum məsələləri bilmək istəyirəm. Konkret olaraq hörmətli deputatların nəzərinə çatdırmaq istəyirəm ki, müğənnilərin, pinəçilərin və 5-10 nəfərin villasına görə vergi dərəcələrini artırmaqla biz keyfiyyətli heç bir şeyə nail ola bilmərik.
Çox istərdim ki, bugünkü dəyişikliklərin nəticəsində büdcəyə nə qədər əlavə gəlir gələcəkdir, bu da deyilərdi. Onda bizim təsəvvürlərimiz daha doğru olardı. Söhbət xırda-xuruş məsələlərdən getməməlidir. Söhbət çox iri məsələlərdən getməlidir. Söhbət dövlət büdcəsinə milyardlarla gəlir gətirən sahələrdən və buna uyğun vergi siyasətindən və vergi yığımının hüquqi normativ bazasının yaradılmasından getməlidir.
Mən diqqətinizi dəfələrlə bizim mətbuatda, kütləvi informasiya vasitələrində toxunduğum bir məsələyə bir daha qaytarmaq istəyirəm. Bu, ayrı-ayrı jurnalistlərin və ya müstəqil iqtisadçıların yox, Azərbaycan iqtisadiyyatını, o cümlədən büdcənin vergi sistemini ən mötəbər bir şəkildə bilən bir orqanın mütəxəssislərinin iddialarıdır. Bu, Azərbaycan Respublikası Hesablama Palatasının çox yüksək vəzifəli şəxslərinin imzası ilə mətbuatda dərc olunmuş sənəddə ifadə olunmuş məsələlərə aydınlıq gətirilməsidir.
Mən həmin şəxsi tanımıram. Hesablama Palatasının İcmal büdcə şöbəsi müdirinin müavini Hümmətovun imzası ilə olan bu sənəddə əsaslandırılmış şəkildə ortalığa qoyulur ki, vergi yığımının hüquqi normativ bazasının məqsədyönlü şəkildə yanlış qurulması nəticəsində 1,5-2 milyard Amerika Birləşmiş Ştatları dolları həcmindəki gəlir dövlət büdcəsindən kənarda qalır. Həmin sənədin fəlsəfəsi isə ondan ibarətdir ki, iri vergi ödəyiciləri tərəfindən çox yüksək, fantastik istismar xərcləri və qiymətqoymada yenə korrupsiya imkanı yayındırılır.
Gələn il üçün iqtisadi və sosial inkişafın əsas istiqamətlərini və proqnoz göstəricilərini müəyyən edirik. Əlbəttə, sevindirici haldır ki, respublika iqtisadiyyatının artımı ilbəil davam etmişdir. Doğrudur, bu iqtisadi artım tempinə dünya bazarlarında neftin qiymətinin artması əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Lakin buna baxmayaraq, ölkədə əsas makroiqtisadi göstəricilərin müsbət inkişafı davam etmişdir. Son illər respublikamızın ümumi daxili məhsulun artımına görə dünyada birinci yerdə olması buna əyani sübutdur və bu bir daha göstərir ki, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərin başlıca məqsədi xalqımızın yaşayış səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir.
Statistikaya nəzər salsaq, son illər ərzində büdcənin 3-4 dəfə artımının şahidi oluruq. Bu artım isə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsində, o cümlədən şəhərlərin abadlaşdırılması, yolların çəkilməsi, məktəblərin tikilməsi və təmiri, yeni səhiyyə orqanlarının açılması, mədəniyyət və idman obyektlərinin tikintisi və xalqımızın sosial müdafiəsi üçün lazım olan imkanları genişləndirir.
Mən burada, xüsusi ilə kənd təsərrüfatı ilə əlaqədar bəzi məsələlərin üzərində dayanmaq istərdim. Gələn il üçün kənd təsərrüfatında 1,6 manat əlavə dəyər yaranacağı və real artım 10 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Əlbəttə, sovet dövründə respublikamızda ümumi daxili məhsulun, demək olar ki, 30 faizi kənd təsərrüfatının payına düşürdü. İndi isə 10-12 faiz kənd təsərrüfatının payına düşür. Hər halda kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün bu sahəyə qoyulan investisiyaların miqdarını artırmaq lazımdır. Eyni zamanda, həmin investisiyaların səmərəli istifadəsinə də nəzarət etmək lazımdır. Bugünkü büdcə layihəsinin müzakirəsindən aydın olur ki, 2006-cı illə müqayisədə kənd təsərrüfatına 13 faiz artım nəzərdə tutulubsa, qeyri sahələrdə bu artım 50 faizdir.
Hesab edirəm ki, kənd təsərrüfatına xüsusi diqqət yetirilməlidir. İlk növbədə, toxumçuluq-damazlıq işlərinin maliyyələşməsi vacibdir. Əgər bu gün kənd təsərrüfatında məhsul istehsalını artırmaq istəyiriksə, toxumçuluğun inkişafına investisiyalar qoyulmalıdır. Respublikada kənd təsərrüfatı sahələrində böyük elmi potensialı olan elmi tədqiqat institutları mövcuddur. Mən bilirəm ki, Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda yeni məhsuldar sortların yaradılması toxumçuluğun inkişafı sahəsində çox böyük elmi işlər aparılması imkanı yaradıbdır. Ancaq bu sortların yaradılması və onların toxumçuluğunun praktik təsərrüfatlara tətbiqi üçün böyük vəsait tələb olunur. Bu sahəyə diqqət yetirməklə lazım gələn mühüm işləri həyata keçirmək üçün, hesab edirəm, ora qoyulan investisiyalar artırılmalıdır.
Aqrar siyasət sahəsində fundamental elmi işlərin aparılması üçün maliyyə vəsaitlərinin artırılması çox vacibdir. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, Milli Elmlər Akademiyası sistemində əmək haqlarının aşağı olması dəfələrlə qeyd olundu. Mən onu da bilirəm ki, kənd təsərrüfatı sahəsində çalışan elmi işçilərin əmək haqları çox aşağıdır. Mən onların məvaciblərinin artırılmasını xahiş edərdim. Milli Məclisin İqtisadi siyasət daimi komissiyası bu məsələyə ciddi yanaşsın və bunu dövlət büdcəsində nəzərə alsınlar. Belə olarsa, əlbəttə, burada ortaya çıxan, qeyd olunan məsələləri, problemləri həll etmək olar. Bu gün burada Dövlət Sosial Müdafiə Fondunun sədri hörmətli Səlim müəllim öz çıxışında bəzi rəqəmlər söylədi, yenilikləri dedi. Onlar indi bizim deputatlar, eləcə də xalqımız üçün çox xeyirlidir. Mən hesab edirəm ki, ümumilikdə, dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcələri təkmil hazırlanıb və Azərbaycan reallıqlarını tam əks etdirir. Mən layihəyə tam səs verəcəyəm. Eyni zamanda, həmkarlarımı da buna müsbət səs verməyə çağırıram.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Hörmətli deputat həmkarlarım, bir məsələni yadınıza salmaq istəyirəm ki, biz artıq Dövlət Sosial Müdafiə Fondunun büdcəsini müzakirə edirik. Dövlət büdcəsini, xahiş edirəm, nəzərə alasınız. Aydın Mirzəzadə, buyurun.
A. Mirzəzadə. Çox sağ olun, Ziyafət müəllim. Mən 2007-ci il üçün bizə təqdim edilən Dövlət Sosial Müdafiə Fondu büdcəsini mükəmməl və günün tələblərinə cavab verən bir sənəd hesab edirəm. Sevindiricidir ki, ildən-ilə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artır. Bu, ilk növbədə, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.
Bir çox sahələrdə qazanılan uğurların məntiqi nəticəsi kimi, praktiki cəhətdən sosial müdafiəyə ayrılan vəsaitlərin də artırılmasına nail ola bilirik. Bizim hər birimiz seçicilərlə görüşlər zamanı onlardan dəfələrlə pensiyaların, müavinətin artırılmasına dair xahişləri, təklifləri eşidirik. Hər il Dövlət Sosial Müdafiə Fondunun büdcəsini müdafiə etdikdə ilk növbədə eşidirik ki, seçicilərimizə onların tapşırıqlarının yerinə yetirilməsi barədə üzü ağlıqla hesabat verə biləcəyik.
Sevindirici haldır ki, həm Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artır, həm də gələn il üçün artıq vəsaitin xərclənməsi istiqamətləri çoxalmışdır. Meydana gələn yeni istiqamətlərin bir neçəsini qeyd etmək istəyirəm. Peşə hazırlığı, ixtisasartırma kurslarının təşkilinə, haqqı ödənilən ictimai işlərin təşkilinə, işsizlər üçün yeni məsləhət xidmətlərinin, əmək birjalarının yaradılması işlərinin həyata keçirilməsinə vəsaitlərin nəzərdə tutulması göstərir ki, artıq fond öz vəzifəsini daha geniş, günün tələbləri istiqamətində başlayır.
Fondun işinin mükəmməl qurulması, ilk növbədə, bu sahədə sağlam əhval-ruhiyyənin yaradılması ilə də bağlıdır. Cənab Səlim Müslümovun rəhbərliyi ilə fondda iş yüksək səviyyədə qurulmuşdur. Mən dəfələrlə ora etdiyim müraciətlərə şikayətçilərin problemlərinin həll edilməsi istiqamətində məni qane edən cavablar alıram. Bu gün gənclər arasında Dövlət Sosial Müdafiə Fondu sistemində işləmək istəyənlərin sayı durmadan artır. Bu onu göstərir ki, Azərbaycanda daha bir dövlət strukturu əhali arasında böyük nüfuza malikdir və bu imic durmadan artır.
Mən əvvəlcədən bu sənədə səs verəcəyimi bəyan edir, bizə təklif olunan variantı bəyənirəm. Eyni zamanda, bir-iki təklifimi də vermək istəyirəm. Onu da deyim ki, verdiyim təkliflərin artıq bir neçəsi burada səsləndi. Əgər mənim dilimdən onlar təkrar səslənərsə, deməli, deputat həmkarlarımın təklifini mən də dəstəkləyirəm. İş burasındadır ki, 3 il ərzində Azərbaycanda 470 minə qədər yeni iş yeri açılıb və bu, ildən-ilə artır. Azərbaycanda özünü göstərən müəyyən qədər işsizlik tədricən silinməkdədir. Hiss edirəm ki, işsizliyin ləğv olunması tempi indi, sadəcə, şüar, bir neçə il üçün nəzərdə tutulmuş proqram deyil. Yaxın onilliklərdə, 7-10, haradasa 15 ildən sonra Azərbaycan müəyyən qədər işsizlər ölkəsindən, artıq işçi tələb olunan bir ölkəyə çevriləcəkdir, çünki 3 ildə 470 min iş yeri yaradılması faktı bir daha dediyimizi təsdiq edir. Biz məktəblərin, yolların tikilməsinin, yeni müəssisələrin, xidmət sahələrinin açılmasının şahidiyik. Bu o deməkdir ki, Azərbaycanda işçiyə artıq yüksək tələbat olacaq.
Nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisinin bir qismi artıq miqrasiyaya meyillidir, 15 ildən sonra işçini, özü də hazırlıqlı işçini Azərbaycan sənayesi haradan alacaq? Bu gün Rusiyanı, Qazaxıstanı, Ukraynanı gözləyən problem 15 ildən sonra Azərbaycanda gözlənilə bilər. Azərbaycan Çindən, Yaxın Şərqdən, İrandan kütləvi surətdə işçinin buraya axınına səbəb olacaq. Mənə elə gəlir ki, bu problemin indidən tənzimlənməsinə, yəni ailələrdə ikinci, üçüncü, dördüncü uşağa görə əsaslı müavinətin verilməsi siyasətinə başlamaq lazımdır. Mən demirəm ki, bu, mütləq 2007-ci ildə nəzərdə tutulsun. Ancaq müvafiq strukturlar bunun üzərində ciddi surətdə işləməlidirlər. Azərbaycan ailəsi, bir qayda olaraq, çoxuşaqlı ailə olub. Ancaq indidən 15-20 ildən sonra qarşımıza çıxacaq problemin həlli üçün ciddi surətdə hazırlıq işi görmək lazımdır.
İkinci qaldıracağım problemi Əfqanıstan Müharibə Veteranlar İttifaqının Mingəçevir təşkilatının üzvləri məndən xahiş ediblər. Əfqanıstan müharibəsində Azərbaycandan yüzlərlə oğullar iştirak edib və 286 nəfər azərbaycanlı orada həlak olubdur. Onlardan 8-i Mingəçevirdəndir. Onların böyük əksəriyyəti, 95 faizə qədəri subay olublar. Ancaq çox təəssüf ki, onlar şəhid statusuna layiq görülməyiblər. Bu baxımdan onların ahıl yaşında olan valideynləri şəhid valideynləri statusundan istifadə edə bilmirlər. Valideyn üçün fərqi yoxdur, onun oğlu hansı müharibədə həlak olub. O vaxtkı dövlətin, o vaxtkı quruluşun tələbi idi, onlar öz hərbi borclarını yerinə yetirirdilər. Mən hesab edirəm ki, biz “Şəhid statusu haqqında” Qanuna dəyişiklik etməliyik. Əfqanıstan müharibəsində həlak olan azərbaycanlılara da şəhidlik statusu verilməlidir.
Sədrlik edən. Sağ olun, Aydın müəllim. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hökumət üzvləri və mətbuat nümayəndələri! Bu gün biz Dövlət Sosial Müdafiə Fondunun təqdim elədiyi sənədlərin müzakirəsinə başlamışıq. Mən də deputat həmkarlarımın dediyi müsbət fikirlərə qoşulur, qeyd etmək istəyirəm ki, Dövlət Sosial Müdafiə Fondunun zərfinə daxil olan sənədlər əsaslandırılmış formada və müsbət tendensiyaya uyğun şəkildə hazırlanmışdır. Son illərdə sosial müdafiə sahəsində vaxtilə ölkədə çox acınacaqlı vəziyyətdə olan durumun yaxşılaşdırılmasına doğru uğurlu addımlar atılır. Bu addımları mən də müsbət qiymətləndirirəm.
İkinci, qeyd etmək istəyirəm ki, bu il sosial müdafiə xərclərinin 56 faiz artmasını müsbət tendensiya kimi qeyd etsək də, bu gün bizim sosial müdafiə sahəsində ciddi problemlərimiz də vardır. Bu problemlərin ən böyüyü ondan ibarətdir ki, çox böyük bir dairəni əhatə eləyən sosial müdafiə sistemi adamların ehtiyaclarını ödəməkdən xeyli aşağı səviyyədədir. Belə ki, bu gün minimum pensiyalar hələ ki, üstünlük təşkil edir.
Son bir ildə əmək pensiyalarının sosial pensiyalardan üstün istiqamətdə görünməsi müsbət tendensiyadır. Haradasa 600-700 min adam minimum pensiyaları alır. Bununla onlar ən minimum ehtiyaclarını belə ödəmək imkanlarına malik deyillər. Bazarda qiymətlər bahalaşır, insanların ödədiyi kommunal xərclər nəinki ildən-ilə, bəzən aydan-aya artır. İnsanlardan bəzən evlərində sayğacı olmayanlardan kommunal xərclərini bir neçə dəfə artıq alırlar. Bütün bunlar bizim pensiyaçıların vəziyyətini aydınlaşdırır.
Mən bir məsələnin üzərində xüsusi dayanmaq və onu Dövlət Sosial Müdafiə Fondunun rəhbərindən xahiş eləmək istəyirəm. Heç olmasa, təqaüdçülərin ehtiyaclarını tam ödəməyən az məbləğdə pensiyaların indeksləşməsi barədə fikirləşmək lazımdır. Bəzən elə olur ki, bu ay 30 manatla aldığı məhsulları üç aydan sonra ala bilmir. Bazarda o qədər bahalaşma gedir ki, aldığı 30 manatın dəyəri aşağı düşür.
Bir də, Səlim müəllim, pensiyaların hesablanmasında ciddi problemlər hələ də qalmaqdadır. Bunlar ona gətirib çıxarır ki, 25-30 il neft sənayesində işləmiş neftçi ilə ömründə heç yerdə işləməmiş bir adamın pensiyası eyni olur. Biz belə məzmunda çoxlu şikayətlər alırıq. Buna əncam çəkmək lazımdır. Ziyafət müəllim, üzümü Sizə tutub deyirəm ki, 1990-1995-ci illərdə deputat olanların pensiya məsələsinə bir də baxılsın. Çünki onların əmək kitabçasında həmin illər hesablanmır. Bunu ölkə rəhbərliyi qarşısında qaldırın. Onların onsuz da böyük bir hissəsi, deyək ki, biri katib, o biri hakim, digəri prokuror, yaxud Milli Təhlükəsizlik Nazirliyinin işçisi olub və özlərini təmin ediblər. Arada yalnız bir neçə nəfər adam qalır ki, onlar da Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlamış, ona səs vermiş adamlardır. Onların pensiya təminatının həllinə, xahiş edirəm, Milli Məclisin rəhbərliyi müdaxilə eləsin. Mən əminəm ki, məsələ respublika Prezidentinə olduğu kimi təqdim edilsə, müsbət istiqamətdə həll ediləcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Ərəstun Cavadov.
Ə. Cavadov. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən nitqimi dəqiq rəqəmlər ətrafında qurmaq fikrində deyiləm, çünki məsələyə heç o qədər də hazırlıqlı deyiləm. Amma Dövlət Sosial Müdafiə Fondunun işçilərini və şəxsən Səlim müəllimi yaxından tanıyan bir adam kimi müəyyən fikirlərimi demək istəyirəm.
Mən əvvəlcə bu sahəyə yaxın bir adam kimi həmkarlarımı, hörmətli deputatlarımızı əmin etmək istəyirəm ki, Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının bu günü və gələcəyi üçün tam səylə, vətəndaşlıq hissi ilə işləyən bir kollektivdən ibarətdir. Bunun həqiqət olduğunu bir çox sübutlarla çatdırmaq olar. Birinci, Dövlət Sosial Müdafiə Fondunun həm üç il bundan öncəki, həm də Mətbuat prospektində yerləşən bugünkü binaları və onların iş şəraitlərini gözümüzün qarşısına gətirək. Mətbuat prospektindəki binanın xarici, - içəri girənlər bilir, - eyni zamanda, daxili görünüşü bir daha sübut edir ki, burada çox zəhmətsevər, vətənpərvər kollektiv işləyir.
Məndə bir ara belə bir fikir meydana gəlmişdi ki, guya Azərbaycan elmində bir balaca tənəzzül var. Bu gün Dövlət Sosial Müdafiə Fonduna gedib-gəldikdən sonra məndə belə fikir oyanır ki, orada çalışan insanları Avropa, Qərb universitetlərinin ən qabaqcıl müəllimləri, bilikli, savadlı tələbələri ilə müqayisə eləmək olar. Orada çox düşüncəli, istedadlı kollektiv yetişibdir. Əlbəttə, bunların hamısı hörmətli Səlim müəllimin düzgün, səriştəli rəhbərliyi sayəsindədir.
Bildiyiniz kimi, bayaq Elton müəllim də bunu dedi, orada çox gözəl, müasir texnologiyaya uyğun gələn arxiv yaradılıbdır. Bu gün hər bir vətəndaşın şəxsi uçotunun aparılması kompüterləşdirilib. Mən şəxsən bunları gözümlə görən bir insan kimi sizə çatdırmaq istəyirəm. Dövlət Sosial Müdafiə Fondu bu gün başqa təşkilatlara da örnək ola biləcək bir müəssisədir. Mən fürsətdən istifadə edib bu kollektivə uğurlar arzu edirəm. Məndə çox böyük əminlik var ki, 2007-ci ilin bu büdcə layihəsi üzərində iş fondun kollektivi tərəfindən ləyaqətlə yerinə yetiriləcək. Deyilən hər bir irad onlar tərəfindən nəzərə alınacaq və gələcəkdə bu quruma inam artacaqdır.
Sədrlik edən. Sağ olun, Ərəstun müəllim, təşəkkür edirəm. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında qanun layihəsi ilə əlaqədar həm sual verən, həm də çıxış eləyən 26 deputatımıza bu müzakirədə fəal iştiraklarına görə təşəkkür edirəm. Onların çox maraqlı fikirləri, konstruktiv təklifləri oldu. İndi bu fikirlərə münasibət bildirmək üçün sözü Dövlət Sosial Müdafiə Fondunun sədri hörmətli Səlim Müslümova veririk. Buyurun, Səlim müəllim.
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Hər şeydən öncə, icazə verin, bizim bütün millət vəkillərimizə dərin təşəkkürümü bildirim ki, Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında qanun layihəsinin müzakirəsində belə fəal iştirak elədilər, həddən artıq dəyərli fikirlər söylədilər, təkliflər verdilər. İnanın ki, ötən illərdə olduğu kimi, bu gün də mən bütün çıxışları diqqətlə dinlədim. Həm mən, həm də burada iştirak eləyən əməkdaşlarımız bütün çıxışlarda səslənən fikirləri gələcək fəaliyyətimizdə nəzərə almaq üçün qeyd etdik. Onların müəyyən hissəsini hətta indiki layihədə nəzərə almaq fikrindəyik. Layihə müəllifinə, yəqin ki, bu barədə məruzə edəcəyik. Razılıq ala bilsək, onların müəyyən hissəsi layihələrdə öz əksini tapacaq. Bununla bağlı işlər, təbii ki, davam etdiriləcək.
Eyni zamanda, bu gün qaldırılan bir sıra məsələlərə də aydınlıq gətirmək istərdim. Bunlara aydınlıq gətirməzdən əvvəl bir məsələni qeyd edim ki, burada verilən suallar iki yerə bölündü, onların müəyyən qismi ünvanlı sosial yardımla bağlı idi.
Müxtəlif məqsədlər üçün tutulan torpaq sahələrinin hər 100 kvadratmetrinə görə Bakı şəhəri üçün 10 manat verginin qoyulması ilə əlaqədar fikirlər deyildi. Bunun tikinti bazarlarında qiymətlərin artmasına ciddi təsir göstərəcəyi qeyd edildi. Məcəlləyə bu dəyişiklikləri biz qəbul edəndən sonra tikinti bazarında Bakı şəhəri üzrə əgər 50 manat əlavə vergi qoymuş olsaq, inanın mənə, tikintidə 150-200 manat əlavə qiymət problemi yaranacaqdır. Bu da, bayaq qeyd olunduğu kimi, bir çox insanların özlərinə yaşayış sahəsi almalarında böyük problemlərə gətirib çıxaracaqdır. Ona görə burada əsas ona çalışmaq lazımdır ki, qabaqcadan gözə görünməyən xərclərin qarşısı alınsın.
Burada aksiz malların siyahısının genişlənməsi ilə əlaqədar məsələ də öz ciddi həllini tapıbdır. Minik avtomobilləri ilə əlaqədar həmkarlarım məsələ qaldırdılar. Mən yadlarına salmaq istəyirəm ki, Azərbaycanda 1993-cü ildə cəmi 82 min avtomobil var idi. Hal-hazırda Azərbaycanın küçələrində faktiki olaraq 700 minə yaxın avtomobil işləyir. Bu avtomobillərin mühərrikin gücü ilə əlaqədar olaraq vergiyə cəlb olunması tamamilə düzgün məsələdir. İl məsələsinə tamamilə düzdür ki, baxmaq lazımdır. Çünki son illər Azərbaycana gətirilən avtomobillərin əksəriyyəti 10 ildən artıq işlənmiş nəqliyyat vasitələridir. Ona görə də onların vergiyə cəlb olunmasında, qeyd edildiyi kimi, il məsələsini mütləq nəzərə almaq lazımdır. Xahiş edirəm, bu məsələ ilə əlaqədar Vergilər Nazirliyi öz mövqeyini bildirsin.
Burada çox ciddi bir məsələ də öz əksini tapıbdır. Bu, tamamilə düzgündür. Çünki bu vaxta qədər bəzi vergi ödəyiciləri artıq vergilər ödəyirlər ki, sonra o məbləğdən müəyyən şərait daxilində istifadə etsinlər, amma bu, nəzərə alınmırdı. Ona görə yeni dəyişiklikdə bankların məsuliyyəti artırılır. Bundan sonra artıq ödənilmiş vergilərin vaxtında geri qaytarılması əsas amillərdən biri kimi nəzərə alınmalıdır.
Nəzarət postlarının fəaliyyəti ilə əlaqədar buraya bir neçə maddə salınıbdır. Bu da hesab edirəm ki, tamamilə düzdür. Əsasən, aksiz malların yoxlanılmasında istifadə olunan avadanlıqlara görə burada məsuliyyət həddən artıq ciddi olmalıdır. Bu maddənin bura salınması, yəni nəzarət postlarının vaxtında yoxlanılması, avadanlıqların vergiyə cəlb olunması əsas məsələlərdən biridir. Ümumiyyətlə, biz bilmək istəyirdik ki, olan dəyişikliklər Azərbaycanın büdcəsinə nə qədər əlavə gəlir gətirir və bu gəlirin miqdarı nədən ibarətdir.
Bir məsələyə də mən öz münasibətimi bildirim. Pənah bəy 2 milyard ABŞ dollarına yaxın vergi ilə əlaqədar öz fikrini bildirdi. Aydın məsələdir. Onu da nəzərə almaq lazımdır ki, vergi yığımı yalnız bu sahələrdən ibarət deyil, digər sahələr də var. Yəni sadələşdirilmiş vergi növləri, aksiz vergilər və sair. Bu vergilərin yığılması əsas məsələlərdən biridir. Əlbəttə, vergilərdən yayınma çox ciddi bir problemdir. Bu gün belə bir problem Azərbaycanın vergi sistemində mövcuddur. Buna baxmayaraq, belə hesab edirəm ki, Azərbaycanın vergi sistemi ümumi gəlirlərin 75-80 faizini təşkil edirsə, deməli, burada müsbət istiqamətlər var. Ümumilikdə götürəndə, vergi sisteminin dəyişdirilməsi və vergilərin belə formada təmin edilməsi Azərbaycan iqtisadiyyatının inkişafının bir təzahürüdür və bu, nəzərə alınmalıdır. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Baba Tağıyev.
B. Tağıyev. Möhtərəm Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirə olunan məsələlər haqqında deyilənləri təkrarlamaq istəmirəm. Amma mən də bir neçə məsələ haqqında fikrimi deməyi lazım bilirəm. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi ilə bağlı ilk növbədə onu bildirirəm ki, “şərti maliyyə vahidi misli” ifadəsinin “manat” sözü ilə əvəz edilməsi dövlətin ciddi iqtisadi bazaya, stabil pul siyasətinə malik olduğuna güclü inamın nəticəsidir. Mən bu dəyişiklikləri dəstəkləyirəm.
Şərti maliyyə vahidi köhnə Azərbaycan manatı ilə 5500 manatdır. Belə bir fikrə diqqət yetirək ki, əgər biz bu məbləği 1 yeni Azərbaycan manatı ilə eyniləşdiririksə, onda belə çıxır ki, 1 yeni manatın şərtliyini aradan qaldırır, onun stabilliyini rəsmən tanıyırıq. Bu, çox mütərəqqi haldır və qanunun dilini sadələşdirir, onu çoxmənalı və mürəkkəb ifadələrdən azad edir. Elədirsə, başqa qanunlarda da analoji dəyişikliklər edilməlidir. Misal üçün, Vergi Məcəlləsində olduğu kimi, İnzibati Xətalar Məcəlləsində də çoxsaylı oxşar ifadələr vardır. Həmin məcəllədə normaların, bir çox sanksiyaların tətbiqində “şərti maliyyə vahidinin misli” ifadəsi işlədilir. Təklif edirəm ki, “şərti maliyyə vahidinin misli” ifadəsi bütün qanunvericilik aktlarında “manat” sözü ilə əvəz edilsin. Bu cür mütərəqqi qanunların qəbul edilməsi bizim xalqımızın firavanlığının yüksəlməsinə, dövlətimizin möhkəmlənməsinə, Qarabağ torpaqlarının azad olunmasına xidmət etməlidir.
Çoxsaylı seçicilərimlə, Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri ilə görüşlərdən millət vəkili kimi belə bir qənaətə gəlmişəm ki, artıq Azərbaycan xalqı Qarabağ problemlərinin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinə öz inamını itiribdir. Bu haqda bir neçə kəlmə demək istəyirəm. Bizim xalqımız Amerika Birləşmiş Ştatları dövlətindən həmişə haqq-ədalət, insan hüquqlarından...
Sədrlik edən. Baba müəllim, xahiş edirəm, mövzu üzrə danışın. Müzakirə Minsk qrupu ilə əlaqədar deyil axı.
B. Tağıyev. Mövzu əsasında deyirəm. Qarabağ problemi bizim hamımızı düşündürməli, onun həllinə doğru addım-addım getməliyik. Mənim ustadlarımdan biri demişdir ki, qarşıya qoyduğun məqsədə doğru o, ay, ulduz qədər aydın olsa da getməlisən. Bu gün biz lazım olan addımları atmalıyıq. Çünki xalqımız, həqiqətən də, sülh, əmin-amanlıq istəyirsə, eyni zamanda, müharibəyə də hazır olmalıdır. Mən bu fikirləri səsləndirməklə bir daha onu demək istəyirəm ki, Qarabağ probleminin həlli, bəli, çox çətindir, çətin də olacaq. “Vətən, uğrunda ölən varsa, vətəndir” ifadəsi həmişə yadda qalmalıdır. Qanunların hər birinin müzakirəsində biz Qarabağın problemini ortaya gətirməli, onun həll olunmasına doğru addımlar atmalıyıq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nazim Məmmədov.
N. Məmmədov. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Təbii ki, Baba müəllimin çıxışından sonra çıxış etmək bir az çətin olar. Bununla yanaşı, mən vergi inzibatçılığının artırılması, paralel olaraq vergi ödəyiciləri arasında maarifləndirmənin gücləndirilməsi ilə bağlı Vergilər Nazirliyinin apardığı vergi siyasətini tam dəstəkləyirəm və bu işdə onlara uğurlar arzulayıram.
Qanun layihəsində həm 59, həm də 194-cü maddələrdə edilən dəyişikliklər məqsədəuyğundur. 54-cü maddədə vergi ödəyicilərinə faiz dərəcələrinin tətbiq edilməsi, 194-cü maddədə isə aksiz mallar istehsal edən müəssisələrin fəaliyyətində şəffaflığın tam bərpa olunması üçün edilən dəyişiklikləri müsbət hal kimi qiymətləndirirəm.
Bir təklifim də var. Özəl şirkətlərlə bərabər vergi borcları həm də dövlət müəssisələrində yaradılır. 1997-ci ildən bəri özəlləşməyə açıq olan dövlət müəssisələrinin müəyyən qədər vergi borcları var. Biz praktikada şahidi oluruq ki, bu borclar məhkəmə yolu ilə alınan zaman müvafiq komitə müəyyən çətinliklərlə qarşılaşır. Niyə bu çətinliklər indi də mövcuddur? Azərbaycanda “Taxıl birjası” adı ilə fəaliyyət göstərən bir birja var idi. Onun vasitəsi ilə bir neçə məhdud məsuliyyətli cəmiyyət (MMC) yaradılıb. Bu MMC-lər vasitəsi ilə dövlət əmlakının səmərəsiz istifadəsi həyata keçirilir. Mən də onun tərəfdarıyam ki, vergilər ödənilsin. Ancaq yaxşı olardı ki, vergiyə borclu olan müəssisələrin əmlakının satışı ilə Vergilər Nazirliyi özü məşğul olsun. Belə olsa, adı çəkilən nazirlik tərəfindən müəyyən spesifik auksion mərkəzi yaradılar və əmlaklar orada satılar. Çünki Vergilər Nazirliyi tam mənada maraqlıdır ki, həmin əmlaklar daha müvafiq bazar qiymətlərinə uyğun satılsın və beləliklə, dövlət büdcəsinə daxilolmalar artırılsın. Mən o məsələni sual altına alıram ki, müəyyən ədliyyə orqanları, taxıl birjaları və MMC-lər vasitəsi ilə satışı təşkil olunan əsaslı vəsaitlərin və dövlət əmlaklarının satışından səmərəlilik tam mənada bərpa oluna bilər. Vergilər Nazirliyi isə, yenə deyirəm, məsələnin mahiyyətini bilir. Ona görə təklif edirəm ki, nazirlik vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları ilə bağlı həmin auksionların təşkil olunması üçün əməli tədbirlər görsün.
İkinci, 124-cü maddədə əksini tapan məsələyə – Azərbaycan Respublikasında daşınmaz əmlakdan vergitutma məqsədi üçün istifadə etməyə hörmətli millət vəkilləri toxundular. Mənim bir sualım var. Aylıq icarə haqqı Əmlak Komitəsində təsdiq olunmuş qiymətlər həcmində, yoxsa müvafiq bazar iqtisadiyyatına uyğun şəkildə bazarda mövcud olan icarə haqlarına uyğun olaraq götürüləcək? Bu çox mühüm məsələdir. Biz millət vəkilləri, keçmişdə sahibkar olmuş insanlar, həm də əhalinin çox hissəsi bu yollarla daşınmaz əmlaklarını icarəyə verirlər. Bu, birbaşa əhalinin çox hissəsinə aiddir. Bizim İqtisadi siyasət daimi komissiyasında layihənin müzakirəsi zamanı Vergilər Nazirliyinin əməkdaşları bu məsələyə dair suallarımızı çox yüksək səviyyədə cavablandırmışdılar. Bir daha minnətdaram ki, bizim komissiyada qaldırdığımız məsələlərə operativ olaraq reaksiya verilir. Bu gün də biz onun şahidi olduq ki, müvafiq sənədin Vergilər Nazirliyi tərəfindən təqdimatında da bizim təkliflərin nəzərə alındığı bir daha bəyan edildi. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Şəmsəddin Hacıyev.
Ş. Hacıyev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri və möhtərəm hökumət üzvləri! Doğrudan da, təqdim olunan qanun layihəsi öz aktuallığı və əhəmiyyəti ilə fərqlənən bir sənəddir. Mən dəyişikliklərin və əlavələrin əhəmiyyətini xüsusi qeyd etməklə nəzərinizə çatdırmaq istəyirəm ki, bunlar son dövrdə Azərbaycan iqtisadiyyatında baş verən köklü dəyişikliklərlə bağlıdır. Bu gün Azərbaycanın iqtisadi situasiyası müstəqillik tariximizdə tamamilə yeni bir keyfiyyət parametrləri ilə xarakterizə olunub və tamamilə yeni bir mərhələyə qədəm qoymuşdur. Bu da iqtisadiyyatın bütün sahələrində, o cümlədən iqtisadi proseslərin dövlət tənzimlənməsinin ən mühüm vasitələrindən biri olan vergi sistemində əsaslı dəyişikliklərin həyata keçirilməsini, yəni adekvat dəyişikliklərin aparılmasını labüd edir. Bu mənada təqdim olunan sənəd olduqca əhəmiyyətlidir.
Son dövrlərdə vergilərdən daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisinin artması, 85 faizdən yüksək olması və artım tempinin yalnız bir il ərzində 52 faizə qədər yüksəlməsi göstərir ki, növbəti ildə Vergilər Nazirliyi çox ciddi işlərlə qarşılaşmalı olacaqlar. Bu işlərin həyata keçirilməsi üçün aparılan bu dəyişikliklər Vergi Məcəlləsində vergi sisteminin, ümumilikdə, fəaliyyətinin yaxşılaşdırılmasına müsbət mənada təsir göstərəcəkdir.
Mən konkret məsələlər haqqında danışmamışdan əvvəl bir fakta öz münasibətimi bildirmək istəyirəm. Bu gün burada Azərbaycan iqtisadiyyatının yaxın üç il ərzində artım tempinin kəskin surətdə azalacağı ifadələri səsləndi. Bunun da Azərbaycan iqtisadiyyatını guya hansısa böhranlara gətirib çıxaracağı fikirləri irəli sürüldü. Üç il ərzində, əvvəla, inkişaf tempinin aşağı düşməsinin heç bir iqtisadi əsası yoxdur.
İkinci, inkişaf edən ölkənin müəyyən dövrdən sonra iqtisadi artım tempinin aşağı düşməsinin tamamilə qanunauyğun bir proses olması dünya ölkələrinin təcrübəsində də göstərilib, sübut edilibdir. Hər bir artım faizinin çəkisini nəzərə almaq lazımdır, çünki artım tempi baza göstəricilərinə görə müəyyənləşdirilir. Bu gün Amerika Birləşmiş Ştatlarının 12 trilyard dollardan çox məcmu daxili məhsulu varsa, təsəvvür edin, əgər 30 faiz artarsa, görün hansı rəqəmlə ifadə olunar. Artım tempi var, ona görə iqtisadi inkişafın, yaxud da gələcəkdə yaranacaq iqtisadi situasiyanın qiymətləndirilməsi metodoloji cəhətdən tamamilə səhv bir fikirdir. İqtisadi inkişafın göstəriciləri digər göstəricilər sistemi ilə xarakterizə oluna bilər.
Hörmətli millət vəkilləri! Cənab nazirin çıxışında göstərildi ki, aparılan dəyişikliklər dörd əsas istiqamətdə baş verir. Dördüncü istiqamət redaktə xarakterli olduğu üçün onu yox, digər üç əsas istiqaməti xüsusi nəzərinizə çatdırmaq istəyirəm. Birinci növbədə vergi siyasətinin təkmilləşdirilməsi istiqamətində aparılan dəyişikliklər tamamilə makroiqtisadi situasiyada baş verən dəyişikliklərə adekvat olan məsələdir. Həmin dəyişikliklərin aparılması nəticəsində ölkədə iqtisadi fəallıq yüksələcəkdir.
Vergi yükünün azaldılması ilə bağlı deyilən təklifləri, xüsusi ilə əlavə dəyər vergisinin həcminin azaldılmasını mən də dəstəkləyirəm. Lakin dünya təcrübəsi göstərir ki, hətta tamamilə vergi yükündən azad olunan müəyyən dövrlərdə, yəni vergi amnistiyası vaxtında da bu tədbir uzunmüddətli nəticələrə səbəb olmamışdır. Əsas məsələ iqtisadi fəallığı yüksəldən, ölkədə iqtisadiyyatın inkişafı üçün əlverişli şərait yaradacaq mühit formalaşdıra bilən tədbirlərin həyata keçirilməsidir. Bu istiqamətdə vergi siyasətinin dəyişdirilməsi ilə bağlı aparılan dəyişikliklər tamamilə təqdirəlayiqdir.
Mən bu dəyişikliklərə diqqətlə baxmışam. Burada əsas məsələ milli iqtisadiyyat sahələrinin formalaşmasında çox ciddi rol oynaya bilən addımların atılmasıdır. Yəni orta və kiçik sahibkarlıq, investisiya mühitinin sağlamlaşdırılması və xüsusi ilə də geniş, təkrar istiqamətli istehsal sahələrinin fəaliyyətinə müsbət tərəfdən təsir göstərə biləcək maddələrin bura əlavə olunması təqdirəlayiqdir.
Bir məsələni də demək istəyirəm. Bu dəyişikliklərin aparılması ilə yanaşı, gələcəkdə iqtisadi situasiyanın inkişafı göstərir ki, müəyyən məsələlərin artıq Vergi Məcəlləsində nəzərdə tutulması məqsədəuyğun olardı. Azərbaycanda bu gün hamı razılaşar ki, bir proporsionallıq xarakterizə olunur, yəni ölkənin əsas iqtisadi gücü mərkəzdədir və rayonların inkişafı sahəsində çox ciddi işlər gedir. Bu mənada bəzi xüsusi iqtisadi zonaların yaradılması barəsində fikirləşmək yaxşı olardı. Ümumiyyətlə, vergi sahəsində aparılan hər bir dəyişiklik vergi yükünün azaldılmasından daha çox, stimullaşdırıcı təsir göstərən istiqamətdə aparılmalıdır. Elə etmək lazımdır ki, vergi verən vergidən yayınmaq yox, əksinə, daha çox vergiyə cəlb olunmaq istiqamətində addımlar atsın. Bu, olduqca mürəkkəb məsələdir. Lakin dünya təcrübəsinə görə nə qədər ki vergi sistemi, vergi yığan və vergi verən var, onun birincisi daha çox vergi yığmaq, ikincisi isə daima vergidən qaçmaq əzmində olur. O istiqamətdə addımlar atır. Bunun yeganə yolu stimullaşdırıcı vasitələrdən, mexanizmlərdən istifadə etməkdir.
Bir məsələni də mən, yeri gəlmişkən, nəzərinizə çatdırmaq istəyirəm. Bu da təhsil sahəsində cüzi də olsa, mövcud olan sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Xahiş edərdim ki, bu gün təhsilimizin inkişaf səviyyəsini, inkişaf vəziyyətini, burada aparılan əsaslı islahatları nəzərə alaraq, həmin o fəaliyyət sahəsindən əldə olunan gəlirlər əgər təhsilin inkişafına, – mən bura əmək haqqını da əlavə edərdim, – yəni müəllimlərin əmək haqqına sərf olunduğu halda həmin vəsait vergiyə cəlb edilməsin.
Mən bir məsələni də qeyd etmək istəyirəm. Elə etmək lazımdır ki, vergi siyasətində təkmilləşməyə ehtiyacı olan bir mühüm istiqamət kimi vergi subyektlərinin, vergi verənlərin sayı artsın. Bunun üçün əsas vasitələrdən, mexanizmlərdən biri olan vergi sisteminin stimullaşdırıcı təsirini artırmaq lazımdır. Təqdim olunan sənədə edilən əlavə və dəyişikliklər tamamilə vaxtında və düzgün edilir. Bunlar dövlət büdcəsinin gəlirlərinin yığılmasında nəzərdə tutulan məsələlərin həll olunmasına müsbət təsir göstərəcək. Ona görə də mən tamamilə bunu dəstəkləyirəm, ona səs verəcəyəm. Bunu deputat həmkarlarımdan da xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri və Nazirlər Kabinetinin üzvləri! Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan gənc bir ölkədir. Bizim ölkəmizdə bir çox sahələr sürətlə inkişaf edir, irəliyə kifayət qədər addımlar atılır. Biz bu addımları görməliyik və eyni zamanda, deməyi də bacarmalıyıq. Söhbət ondan gedir ki, bu gün Vergilər Nazirliyinin atdığı addımlar, güman edirəm, Azərbaycan Respublikasının inkişaf etməsi üçün ən önəmli və lazımlıdır.
Biz burada, sadəcə olaraq, əlavə və dəyişikliklərdən danışırıq. Ümumiyyətlə, bu gün əhali, xüsusi ilə sahibkarlar arasında vergilərlə bağlı aparılan populyar işlər, vergilərin ödənilməsinə xidmət edən sosial reklamlar, sosial roliklər, eyni zamanda, Vergilər Nazirliyinin əhali ilə olan operativ əlaqələri ona gətirib çıxarır ki, bu gün büdcəyə daxilolmaların həcmi ildən-ilə artır. Bu, sübut edir ki, Vergilər Nazirliyi qarşısında qoyduğu vəzifələrin öhdəsindən lazımınca gəlir.
Bütün ölkələrdə bilirik ki, Vergilər Nazirliyi ən önəmli hökumət strukturu sayılır. Amma onu heç kəs sevmir və öz xoşu ilə vergi vermək niyyətində olmur. Bir xalq deyimi var, onu güman edirəm ki, Fazil müəllimin bilməsi çox yaxşı olardı. Deyirlər ki, bir gün Harun ər-Rəşid qardaşı Bəhlul Danəndəni yanına çağırır. Ona deyir ki, get gör, mənim xalqım necə yaşayır? Bəhlul Danəndə 1-ci dəfə gedir, geri dönəndə deyir: “vergilərdən çox narazıdırlar, demək olar ki, səni də, məni də hey söyürlər”. Harun ər-Rəşid qulaq asır və deyir: “Vergiləri bir az artırın”. O, qardaşını ikinci dəfə göndərir ki, gedib görsün ki, necə yaşayırlar. Bəhlul Danəndə bu dəfə geri dönəndə deyir: “Vergilərdən çox narazıdırlar”. Şah deyir: “Onda vergiləri bir az da artırın”. Bu, üçüncü dəfə təkrar olunur. Bəhlul Danəndə geri dönəndə deyir: “İndi hamı çalır, oxuyur, oynayır, gülür”. Şah deyir: “Nə olub, niyə belə edirlər?” Bəhlul deyir: “Daha verməyə heç nələri yoxdur, ancaq çalıb-oynamaq istəyirlər”.
Mənə belə gəlir ki, vergini o dərəcədə tətbiq eləmək lazımdır ki, artıq vəziyyət çalıb-oynamağa çatmasın. Tutaq ki, sadələşdirilmiş verginin tətbiq edilməsi ilə bağlı burada kifayət qədər arqumentli məqamlar var. Məsələn, fərdi foto çəkilişləridir, bərbərxana, avtomobilə texniki xidmət yerləri kifayət qədər arqumentləşmiş sahələrdir. Burada verginin aylıq məbləği çox normal, məntiqə uyğun bir şəkildə göstərilmişdir. Amma bayaq Qənirə xanım da qeyd elədi, müğənnilik fəaliyyətidir, toy şənliyində aparıcılıq edən insanlarla bağlı, güman edirəm ki, eyni cür vergi yığımı aparmaq o qədər də məntiqə uyğun məsələ deyil.
Bu gün müzakirə elədiyimiz məsələlər içində ƏDV hesablamalarının tətbiqi ilə bağlı addımları vacib saymaq olar. Gənc bir ölkəyik və şübhəsiz ki, biz ətrafımızda olan ölkələrin yaxşı təcrübəsini öz ölkəmizdə tətbiq eləməliyik. Populyar olmayan, uğurla nəticələnməyən hadisələrdən qaçmağa ən böyük kömək də atacağımız bu addımlarla ola bilər. ƏDV hesablamaları yalnız bir ölkədə, Bolqarıstanda tətbiq olunub. Məndə olan məlumat bundan ibarətdir. Bəlkə digər ölkələr var, mən bilmirəm.
Bir çox ölkələrdə isə çox böyük uğursuzluqla nəticələndiyi üçün bunu təsdiq eləməyiblər. Rusiya Federasiyasında çalışırlar ki, tətbiq eləsinlər. Hələ də gözlənilən nəticələr, proqnozlar müsbət olmadığı üçün eləmirlər. Ona görə ki, vəsaitlərin bu hesabda dondurulması, nağd pul hesablaşmalarının səmərəliliyinin azalması bu cür əlavənin edilməsini çox qeyri-populyar edəcəkdir. Həm bizi, həm də beynəlxalq iqtisadi təşkilatları narahat eləyən əsas məsələ kölgə iqtisadiyyatı məsələsidir. Vergini düzgün, dürüst verməkdən qaçıb kölgə iqtisadiyyatının arxasına sığınan şəxslərin sayının azalması, həm Vergilər Nazirliyinin, həm də millət vəkili olaraq bizim bir nömrəli işimiz olmalıdır. Vergi növləri tətbiq edərkən biz kölgə iqtisadiyyatına gedən, ona sığınmaq istəyən şəxslərin sayını artırmış olacağıq.
Möhtərəm Prezident cənab İlham Əliyev elə bir iqtisadi müşavirə və ya rayonlarda görüşü olmur ki, kiçik və orta sahibkarlıqla, onlara yaranmış şəraitin daha optimal olması ilə bağlı fikirlərini söyləməsin. Kiçik və orta sahibkarlıq bizim üzərində duracağımız və cəmiyyətimizin orta təbəqəsini yaradacaq bir sahədir. Biz bunlara bir qədər nəvazişlə yanaşmalıyıq. Onlara bu münasibət ayaq üstə durmaları, daha cəsarətli addımlar atmaları üçün göstərilməlidir.
Tutaq ki, indi deyirik, Bakıda 4 faizdən 10 faizə, rayonlarda 2 faizdən 5 faizə qaldıraq. Nəticəni axtaranda, kiçik bir dükanı, mağazası olan bir şəxslə oturub bu vergini hesablayanda, məlum olur ki, bu, gərək malının üstünə o qədər baha qiymət qoysun ki, rentabelliyi 35-40 faizə gəlsin çıxsın. Hər kəs də azdan-çoxdan bilir ki, elə bir kiçik dükan, kiçik mağaza, kiçik bizneslə məşğul olan sahə yoxdur ki, bunun 35-40 faiz rentabelliyi olsun. Belə güclü rentabellik, misal üçün, kazino biznesində, digər biznesdə olur. Bu da Azərbaycan üçün xarakterik biznes növü deyil.
Güman edirəm ki, bu məsələlərlə bağlı müəyyən fikir mübadiləsinə ehtiyac var. Sosial cəhətdən əhalinin cibinə mənzil tikintisi ilə bağlı məsələdən çox ağır bir ziyan ola bilər. Bunu nəzərdə saxlamaq çox vacibdir. Biz burada deyirik ki, bu vergini kvadratmetrlə nəzərdə tutaq. Mənim şəxsi qənaətim ondan ibarətdir ki, heç bir halda bu, mümkün deyil. Kvadratmetrlə bağlı verginin artırılması ona gətirib çıxaracaq ki, mənzil satan tikinti şirkətləri bu pulu həmin mənzili almaq istəyən əhalidən çıxacaqdır. Məncə, daha arqumentli, daha doğru olardı ki, biz bu cür vergini kvadratmetrlə yox, tikinti şirkətinin əldə elədiyi mənfəətlə götürək. Kvadratmetrə hesablanmış hər bir qiymət bu gün tikinti bazarındakı qiymətlərin üstünə əlavə məbləğ gətirəcək və nəticədə bu qiymət mənzil almaq istəyən şəxslərin cibindən ödəniləcək. Yenə də tikinti şirkətinin belə bir itirəcəyi olmayacaq. İtirənlər yenə yaşayış minimumu aşağı olan, ehtiyacı olan insanlardır. Bu məsələləri danışmışdıq, yenə də bir az da qabardacağıq, bir az da çətinləşdirəcəyik.
Sonda bir fikri də demək istəyirəm. Mən artıq üçüncü ildir ki, bu fikri deyirəm. Çox gözləyirəm ki, Azərbaycanda maliyyə amnistiyası ilə bağlı fikirlər səslənsin. Güman edirəm ki, bu, çox lazımlı bir məsələdir və Azərbaycanda artıq maliyyə amnistiyasının verilməsi üçün bir məqam yetişibdir. Çünki maliyyə amnistiyasının verilməsi ölkədə vergilərin yığılmasında irəliyə atılacaq bir addım olacaq. Bunu bizim əlaqədar nazirliklərimiz, yəqin ki, nəzərdən keçirəcəklər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Əsədullayev.
Ç. Əsədullayev. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri və hökumət nümayəndələri! Çıxışım Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlıdır. Diqqətinizə çatdırmaq istərdim ki, vergilər öz əsas prinsipial funksiyaları ilə yanaşı, iqtisadiyyatımızda əvəzedilməz tənzimləyici rol oynayırlar. Vergi sistemində istər hər hansı yeni verginin tətbiq edilməsi, istərsə də dərəcəsinin dəyişməsi, ölkədə gedən bütün iqtisadi proseslərdə, o cümlədən sosial-iqtisadi proseslərdə geniş təsirə malikdir.
Məlum olduğu kimi, 2007-ci ildən Azərbaycan Respublikası Vergi Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulub. Mən onların sırasında ƏDV üzrə mədaxil və məxaric əməliyyatların aparılması üçün banklarda xüsusi əlavə dəyər vergisi hesabının tətbiqinə dair fikrimi bildirmək istərdim. Məlumat üçün bildirmək istərdim ki, oxşar rejim dünyada yalnız Bolqarıstanda tətbiq edilmiş və əldə olunan məlumata görə 2007-ci ildən onun tam dayandırılması nəzərdə tutulub. Bu rejimin tətbiqi ilə əlaqədar Rusiyada 2003-cü ildən bəri müzakirələr davam etdirilir. Rusiyanın İqtisadi İnkişaf Nazirliyi, kommersiya bankları və sahibkarlıq cəmiyyətləri bu mexanizmin qəti əleyhinə çıxış etmişlər.
Azərbaycanda xüsusi ƏDV hesablarının tətbiqinə qarşı kifayət qədər arqumentlər var. İlk öncə bu təklifi hüquqi cəhətdən araşdıraq. Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik olan qanunvericilik sisteminin əsasını təşkil edən Konstitusiyanın 59-cu maddəsinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Nəzərə alsaq ki, təklif olunan rejimə görə bu hesablara vəsaitlər məhdudiyyətsiz mədaxil edilə bilər, ondan köçürmələr isə yalnız büdcəyə digər ƏDV ödəyicisinin ƏDV hesabına və vergi orqanının rəyi əsasında vergi ödəyicisinin cari hesabına köçürülə bilər. Bu da faktiki olaraq icra hakimiyyəti orqanlarının sahibkarın ona məxsus maliyyə vasitələrindən istifadəsini məhdudlaşdırır. Belə ki, vergi ödəyicisinin vəsaiti yalnız verginin ölçüsü müəyyən edildikdən sonra hesabat dövrünün sonunda vergi kimi tutula bilər. O ana qədər icra hakimiyyəti orqanları o vəsaitlərin hərəkətlərini məhdudlaşdıra bilməzlər.
Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60-cı maddəsində hüquqi şəxslərlə bağlı kreditorların tələblərinin ödənilməsinin növbəliyi göstərilməlidir. İlk növbədə hüquqi şəxsin əmlakının girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların tələbləri ödənilir. İkinci, fiziki şəxslərin həyat və sağlamlığına zərər vurulması ilə əlaqədar ödənişlər aparılır. Üçüncü, işdən çıxma müavinətlərinin verilməsi və əmək müqaviləsi üzrə işləyən şəxslərin əmək haqqının ödənilməsi, dördüncü, büdcəyə məcburi ödənişlər üzrə borc ödənilir. Xüsusi ƏDV hesablarının tətbiqi nəticəsində isə əlavə dəyər vergisi üzrə ödəniş yuxarıda qeyd edilən üç daha zəruri ödənişdən əvvəl aparılmalıdır.
Gəlin, təklifin iqtisadi aspektlərinə diqqət yetirək. Xüsusi ƏDV hesablarının tətbiqi, ilk öncə müəssisələrin dövriyyə vəsaitlərinin xüsusi ƏDV hesablarında qalan hissəsindən qarşılıqlı hesablaşmalarda istifadəsini məhdudlaşdırır. Bu hesabların tətbiqi həm vətəndaşın və həm də ki, təşkilatların inzibati xərclərini artıracaq. İnzibati xərc dedikdə, təsərrüfat subyektlərinin əməliyyat xərclərini nəzərdə tuturam. Bura mühasibat proqramında aparılmalı olan dəyişikliklər, kredit təşkilatlarında xüsusi əlavə dəyər vergisi hesablarının açılması, əməliyyatların aparılması, bağlanması və bunlarla bağlı vergi orqanlarına məlumat verilməsi barədə xərclər daxil edilir. İş təcrübəsi göstərir ki, hazırda vergi orqanları tərəfindən bəzi müəssisələrin cari hesabındakı əməliyyatlar haqqında məlumat əldə etmək üçün banklara xüsusi reyestr göndərilir ki, onların doldurulmasına və sənədlərin surətlərinin çıxarılmasına eyni vaxtda bir neçə bank əməkdaşı ayrılır və onlar uzun müddət cari işlərindən ayrılırlar.
Cari hesablara xüsusi ƏDV hesabları əlavə edilsə, banklarla əməkdaşlığın sayı artırılmalıdır. Bunun nəticəsində müəssisələrdən xüsusi əlavə dəyər hesabının aparılmasını, müqavilə üzrə əlavə haqq vermələrini tələb etməli olacaqlar. Digər tərəfdən də bank əməliyyatlarının həcminin artması müəssisələrin inzibati xərclərinin çoxalmasına səbəb ola bilər.
Təsərrüfat subyektlərinin dövriyyələrinin bir hissəsindən istifadə imkanlarının məhdudlaşdırılması nəticə etibarı ilə maliyyə resurslarının dəyərinin artımına səbəb olacaq. Misal üçün, sahibkar mal almaqdan ötrü 120 manat kredit alır və bunun da 100 manatı malın alınmasına, 20 manatı isə xüsusi ƏDV hesabına köçürülür. Mal 130 manata satıldıqda müştərilərdən 22 manat ƏDV hesabına vəsait daxil olur. Onun 2 manatı büdcəyə ödənildikdən sonra qalan 20 manat ƏDV hesabında dondurulur. Krediti isə hesablaşma hesabından ödəmək lazımdır. Bu, harada isə cəmi 108 manat təşkil edir. Belə olan halda kreditin real gündəlik faiz dərəcəsi artır və nəticədə bu, qiymətlərin bahalaşmasına və inflyasiyanın artımına səbəb olur.
Vergilər naziri cənab Fazil Məmmədov burada demişdir ki, bu məsələyə 3 gün lazımdır. Rusiyada bu məsələyə baxılıbdır ki, bu hesablar açılsın. Yoxlama 3 gündən artıq olacaq. 3 gündən azdırsa, deməli bu müddət subyektiv xarakter daşıyır və onda biz niyə bu hesabları tətbiq eləyirik? Yuxarıda qeyd olunanları, ümumilikdə, nağdsız hesablaşmaların səmərəliyinin azalmasını nəzərə alsaq, nəticədə bazarlarda nağd vəsaitlərlə işləyənləri banklarla işləyənlərlə rəqabətdə daha əlverişli vəziyyətdə qoyacaq. Nağdsız hesablaşmalar da geniş miqyaslı yayınmalara səbəb ola bilər. Vergilər Nazirliyi hesab edir ki, ƏDV hesablarının tətbiqi ƏDV üzrə vergi daxilolmalarının artmasına səbəb olacaq.
Bayaq da qeyd etdim ki, bu formanın Bolqarıstanda tətbiqinə baxmayaraq, üç il ərzində bu günədək xüsusi ƏDV hesablaşmaları yolu ilə ƏDV-nin yığımını qiymətləndirmək mümkün olmayıb. Rusiya iqtisadi inkişaf nazirinin bu məsələyə dair xüsusi məruzəsində qeyd olunur ki, xüsusi ƏDV hesablarının açılması sahibkarlıq və investisiya mühitinin pisləşməsinə səbəb olmuşdur. Bütövlükdə iqtisadiyyat və dövlət üçün onun tətbiqi ilə əldə edilmənin gözlənilən gəlirlərdən qat-qat artıq itkilərə gətirib çıxaracağı proqnozlaşdırılıb. Təkcə inflyasiyanın iki-üç bənd artırılacağı gözlənilmişdir. Qeyd olunanları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, icra hakimiyyəti orqanları öz işlərinin təkmilləşdirilməsini təsnifat subyektlərinin hüquqlarının məhdudlaşdırılması hesabına əldə edirlər.
Dövlət vergi yığımını yüksəltmək məqsədi ilə müxtəlif üsullardan və vasitələrdən istifadə edə bilər. Yaxud xüsusi ƏDV hesablarının tətbiqi təsərrüfat subyektlərini əsaslandırılmamış əlavə xərclərlə yükləyir. Hesab edirəm ki, xüsusi ƏDV hesablarının tətbiqi gələcəkdə iqtisadiyyatımıza neqativ təsir göstərə bilər. Belə bir sistemin tətbiqi dərin iqtisadi təhlil və araşdırmalar tələb etdiyinə görə ən azı 2007-ci ildə bu sistemin tətbiqi məqsədəuyğun olmazdı. Vergi Məcəlləsində tətbiq olunan digər təkliflər də bir çox suallar doğurur.
Məlum olduğu kimi, respublika rəhbərliyi tərəfindən kiçik və orta sahibkarlığın inkişafına yardım məqsədi ilə bir çox dövlət proqramları tətbiq edilibdir və onların həyata keçirilməsi uğurla davam etdirilir. Vaxtilə sadələşdirilmiş vergi sisteminin tətbiqi əlverişli vergi mühiti yaradaraq təsərrüfat subyektlərinin inkişafına səbəb olmaq və eyni zamanda, real dövriyyəni göstərməklə vergidən yayınma hallarının qarşısını almaq məqsədi daşıyırdı.
Sədrlik edən. Xahiş edirəm, yazılı surətdə verin. Aydın Abbasov.
A. Abbasov. Hörmətli Oqtay müəllim, hörmətli həmkarlar və qonaqlar! Azərbaycanda mövcud olan iqtisadi inkişaf, əlbəttə, göz önündədir. Vergilər Nazirliyinin də bu sahədə müstəsna rolu vardır.
Mən Vergi Məcəlləsində mənzil tikintisi ilə və nəzarət-kassa aparatları ilə əlaqədar dəyişikliklər barədə öz təklifimi bildirmək istəyirəm.
Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş Vergi Məcəlləsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadratmetri üçün 10 manat məbləğinə aşağıdakı əmsalları tətbiq etməklə hesablayırlar. Bakı şəhərinin mərkəzində 5, şəhərin mərkəzindən kənarda 4, şəhərin ətrafında 2,5, şəhərin digər ərazisində 1,5, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində 1,5, digər şəhər və rayonlarda 0,5. Bu vergi birbaşa təhvil verilən mənzilin dəyərinin artığına görə nəticədə onun qiymətinə təsir göstərəcək. Tikinti şirkətləri bu verginin yükünü özləri daşımayacaqlar, onlar bu vergini istehlakçının üzərinə salacaq və nəticə etibarı ilə qiymət artımı baş verəcək.
Əhali hazır binalarda qiymət artımını gördükdə torpaq sahələrinə üz tutacaq və nəticədə torpaq sahəsinə tələbatın çoxalması torpaq bazarında da qiymət artımını yüksəldəcəkdir. Hazırda tikilən evlərin kvadratmetrinin maya dəyəri 200-300 ABŞ dolları arasındadırsa, o halda satış qiymətləri 700-900 ABŞ dolları təşkil edir. Belə olan halda hər kvadratmetrdən 600-700 ABŞ dolları gəlir əldə olunduğunun şahidi oluruq. Bunu nəzərə alaraq, hörmətli həmkarım Gülər xanım da bu məsələyə dair fikrini bildirdi, yaxşı olardı ki, vergitutma obyekti satışa qoyulan kvadratmetrə görə yox, tikinti şirkətinin gəlirinə əsasən hesablansın.
Nəzarət-kassa aparatları ilə əlaqədar qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.8, 16.1.11 maddələrinə əlavələr edilməsi nəzərdə tutulub. Bu maddələrdə qeyd olunan fəaliyyət növləri istisna olmaqla, digər fəaliyyət növlərinin də nağd pul hesablaşmalarında nəzarət-kassa aparatları tətbiq ediləcəkdir. Kredit təşkilatlarının göstərdiyi xidmət növlərindən biri də nağd pul hesablaşmalarının həyata keçirilməsidir. Məsələn, kreditin nağd şəkildə verilməsi və nağd vəsait əlaqələri, digər əməliyyatlar, hesab edirəm ki, buraya, 16.1.8-ci maddəyə əlavə edilməlidir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Abel Məhərrəmov.
A. Məhərrəmov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli həmkarlar! Mən çalışacağam, vaxtınızı çox almayım. Bəzi üzürlü səbəblərə görə bir az da gecikmişəm, ona görə sonda çıxış etməyə məcbur oldum. Əvvəla, obyektivlik naminə onu deyim ki, bizə son günlər təqdim olunan sənədlər toplusu çox yüksək səviyyədə hazırlanmışdır. Bir neçə gün bundan öncə dövlət büdcəsinin, Dövlət Sosial Müdafiə Fondunun icmal büdcəsinin müzakirəsini və bu gün də Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında təqdim olunan sənədləri nəzərdən keçirəndə görürsən ki, doğrudan da, bunların üzərində diqqətlə işlənilmişdir.
Sənədləri hazırlayan şəxslər çalışmışlar ki, ölkə başçısının, cənab İlham Əliyevin apardığı siyasətə, onun strategiyasına uyğun istiqamətdə iş görsünlər. Əgər inkişaf ediriksə, sosial problemləri həll ediriksə, büdcədə pul varsa, onu bölürüksə, vergidə də müəyyən sərt dəyişikliklər etmək lazımdır.
Mən də oxudum, sərt dəyişikliklər var və çox məsələlərə ciddi yanaşılır. Bir müəssisə rəhbəri kimi indiyə qədər əgər bank hesabına ƏDV-ni mal alınması ilə birlikdə köçürürdüksə, indi bunlar tamamilə bir-birindən ayrılıb və şəffaflığa gətirib çıxarır. Digər çoxsaylı məsələlərlə vaxtınızı almaq istəmirəm.
Hörmətli nazirimiz Fazil müəllimin də çıxışında bu rəqəmlər bir-biri ilə uzlaşır, bir-biri ilə təsdiqlənirdi. Vəhdət şəklində ölkənin strategiyasının inkişafına yönəldilən bu sənədə, öncədən deyim ki, müsbət səs verəcəyəm və həmkarlarımı da buna çağıracağam. Bir şeyi tərifləmək də, tənqid eləmək də çox asandır, ancaq baxır onu hansı prizmadan edirsən.
İkinci tərəfdən də buna çox ciddi, prinsipial, elmi və vətəndaşlıq mövqedən baxanda, hər ikisi, həm tərifləmək, həm də tənqid etmək çətindir. Mən tərif hissəsini bir balaca dedim, tənqidi isə yox. Bu mənada bir-iki istək və arzumuzu bildirək. Uzun illər təhsil, elm işçilərini düşündürən bir problemə toxunmaq istəyirəm.
Hörmətli həmkarlarım, 164.2-ci maddənin aşağıdakı redaksiyada verilməsi təklif olunur: “Müvafiq icra hakimiyyəti orqanı konkret sahənin inkişafını təmin etməklə konkret dövr üçün nəzərdə tutulan istehsal ehtiyaclarını yerli xammal hesabına ödəmək mümkün olmadıqda, istehsal təyinatlı xammal və müasir texnologiyanı təmin edən avadanlıqların idxalını ƏDV-dən azad edə bilər”. Təqribən hamıya aydın oldu ki, müəyyən sahələrdə xaricdən gətirilən müəyyən yeni texnologiyalar ƏDV-dən azad olacaqdır. Azərbaycanda, bütün sahələrdə olduğu kimi, elm, təhsil də inkişaf edir. Nə üçün bura yazılmır ki, məsələn, Almaniyadan, Amerikadan, Avropadan alınan yeni cihazlar, - hansı ki, Azərbaycan elmini irəli apara bilər, - ƏDV-dən azad olunsun. Məsələn, biz Rusiyadan, Ukraynadan cihazlar alırıq. Orada problem qalxıb və onları almaq indi çox asandır. Təqribən 30 min ABŞ dollarıdırsa, o məbləği də köçürürsən, həmin cihazı ala bilirsən. Amma Almaniyadan “Nowhau” texnologiyası üçün tələb olunan cihazların xaricdən alınması çox çətindir. Bir daha təkrar edirəm, bunlar elmin, təhsilin inkişafına bir növ dəstək verən avadanlıqlardır.
Digər müstəvidən baxsaq, bu fikirləri səhiyyəyə də transfer etsək, belə cihazlar orada da çox vacibdir. Ola bilər, bu sahənin əməkdaşları deyə bilərlər ki, burada alver başlaya bilər. Dövlət büdcəsində olan universitetə təzə nüvə-maqnit rezonansı və yaxud hər hansı bir cihaz almaqla, alimlərin öz tədqiqatlarını müasir səviyyədə aparmalarına kömək eləmiş oluruq. Ona görə xahiş edirəm ki, “Nowhau” texnologiyasının ölkəyə yönəldilmiş cihazlarının gəlməsi üçün onlar da bundan azad olmalıdır, çünki həm səhiyyədə, həm də bizdə işlənən bu bahalı cihazları ala bilmirik. Görürsən, bir xəstə özünü yoxlatmaq üçün gedib başqa ölkədə pul xərcləməli olur. Müəssisələrin köməyi ilə bunu alaq ki, bu xəstələr xaricə getməsinlər, ölkənin maliyyəsini zəiflətməsinlər.
İkinci bir məsələ. Sözün düzü, mən gələndə bu qanun layihəsinə həmkarlarım baxırdılar. Məni narahat eləyən bir məqam var. Bizim Bakı Dövlət Universitetində kooperativ bina tikilir. Məcəlləyə əlavə edilən 221.7-ci maddənin ikinci abzasında yazılır: “Bu qanunun 74-cü maddəsində nəzərdə tutulan vergitutma obyektləri üzrə verginin hesablanması bu qanun qüvvəyə mindiyi tarixdən sonra tikintisi başlanmış obyektlər üzrə həyata keçirilir.” Təbii ki, yeni tikintilərdən söhbət gedir. Deyək ki, biz Bakı Dövlət Universitetində kooperativ ev tikirik, yeri də qazmışıq, gecə-gündüz hazırlaşırdıq, bunun yerindən bir problem çıxdı, ay yarıma bunu çatdıra bilmədik. Burada yenidən işlənmə getməlidir və sair. Biz yanvarın 1-dək bunu çatdıra bilməsək, hörmətli Fazil müəllimdən, yaxud hökumət nümayəndələrindən soruşmaq istəyirəm ki, necə olacaq? Bundan söz-söhbət yaranmağa başlayacaqmı? Ya gedək, tez-bazar binanın əsasını qoyaq ki, yanvarın 1-nə qeydiyyatdan keçsin, yaxud qayda-qanunla, tələsmədən yanvarın 15-nə qədər bu işi uzatmaq olar? Xahiş edirəm, buna hökumət üzvləri açıqlama gətirsinlər.
Yekun olaraq bir daha onu demək istəyirəm ki, müzakirəyə elmi prinsiplərə əsaslanmış bir sənəd təqdim olunub. Sənədlərin bəndləri bir-biri ilə vəhdət təşkil edir və bir daha deyirəm, ölkəmizin strateji inkişafına yönəldilibdir.
Sədrlik edən. Hörmətli millət vəkilləri, mən hesab edirəm, çox ətraflı müzakirələr getdi. Fazil müəllimə söz verməzdən öncə mən istərdim, Hesablama Palatasının sədri qısa bir izahat versin. Namiq müəllim, biz Sizin arayışınızı almışıq, oxumuşuq, məruzəni də eşitdik. Buyurun.
N. Nəsrullayev, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Çox sağ olun, Oqtay müəllim, mənə imkan verirsiniz ki, millət vəkillərinə arayış çatdırım. Birinci, “Zerkalo” qəzetində bizim əməkdaşımızın dərc etdirdiyi məqalə onun şəxsi fikridir. Növbəti nömrədə redaksiya tərəfindən bu barədə dəqiqləşdirmələr verilmişdir, bu bir. Onun üçün buna Hesablama Palatasının fikri kimi istinad edirlər. Odur ki, mən bu informasiyanı hamıya çatdırdım. İkinci, buna professional səviyyədən gərək qiymət verilsin. Aşağı səviyyədə, professionallıqdan uzaq şəkildə yazılan informasiyaları bir növ özümüzə təhqir bilirik. Təəssüflənirik ki, qəzetlərdə belə aşağı səviyyədə informasiyalar yazan əməkdaşlar vardır.
Mən istərdim, məclis iştirakçılarına çatdırım ki, o məqalədə gətirilən rəqəmlərin heç biri Hesablama Palatasının rəsmi rəqəmləri deyil. Müəllif nəyə görə orada Hesablama Palatasına istinad eləyib, mənə məlum deyil və bunu özüm üçün təhqir bilərdim ki, ona professional rəy verib. Bir də çox böyük xahişim var, Hesablama Palatasının rəsmi rəyi var, o rəy barədə də mən burada çıxış eləmişdim. Öz fikirlərimi həmin rəsmi rəylə, büdcənin gəlirləri barəsində həm müsbət, həm də mənfi tərəflərini qeyd etməklə demişdim. Onun üçün də xahiş edirəm, ümumiyyətlə, Hesablama Palatasının rəyini siyasiləşdirmək lazım deyil. Millət vəkillərinin konkret sualları və rəyləri varsa, qoy bizə rəsmi yazsınlar. Belə sorğuya biz Hesablama Palatasının rəsmi mövqeyi baxımından cavab verə bilərik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil müəllim, buyurun.
F. Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Mən əvvəlcə bütün Milli Məclisin üzvlərinə, hörmətli deputatlarımıza təqdim olunmuş qanun layihəsi üzrə həm fikir söylədiklərinə, həm də fikir söyləmədən də bu qanun layihəsində təqdim olunan əlavə və dəyişiklikləri dərindən təhlil edib oxuduqlarına görə öz minnətdarlığımı bildirirəm. Bunlar, doğrudan da, Azərbaycanın iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edir. Ona görə vaxtın azlığını nəzərə alıb çalışacağam ki, Milli Məclisin deputatlarının verdiyi suallara konkret cavablar verim.
Hörmətli Elmira xanım soruşdu ki, hədiyyələrə görə dəyər vergisi necə müəyyənləşdiriləcək? Hədiyyələrdən gəlirin əldə olunması və ondan verginin tutulması hal-hazırda da mövcuddur. Bu, əsasən, iş yerlərində verilən hədiyyələr olduqda müvafiq qiymətlər, yəni alış qiymətləri əsasında sənədləşdirilir. Ümumiyyətlə, maddəni yeni işləmək, hesab edirik ki, bu gün və gələcək üçün ancaq ümummilli deklarasiya həyata keçirildikdə mümkün ola biləcəkdir. Çünki həm hədiyyələr, həm də ona oxşar digər gəlirlər vətəndaşın deklarasiyasında öz əksini tapacaqdır. Biz belə hesab edirik ki, onda məsələyə tamamilə qayıtmaq olar. Amma bilirsiniz ki, inkişaf eləmiş sivil və inkişaf etməkdə olan ölkələrdə də qanunun belə bəndləri vardır. Bundan hansısa sui-istifadə bu günə qədər qanunvericilikdə olubdur, bundan sonra belə hallar daha mümkün deyildir.
Müğənnilərə niyə ümumi vergi qoyulub, onlar bəlkə az qazanırlar? Burada bu məzmunda sual oldu. Açığını deyim ki, həm teleradio kanalları, həm də mətbuat orqanları onlarla çox əlaqəli olduqları üçün müğənnilərin və şou-biznes aləmində olan insanların vergiyə cəlb olunması haqqında birmənalı fikir yoxdur. Burada bəzən şou-biznes sahəsində çalışan insanların daha çox qazandıqlarını israr edirlər, digər tərəfdən onların daha az qazandığı, daha doğrusu, gəlirlərinin xərclərini örtmədiyi kimi fikirlər də söyləyirlər.
Mən nəzərinizə çatdırmaq istəyirəm ki, bütövlükdə qanunvericiliyin dəyişdirilməsi, gələcəkdə Azərbaycan dövlət büdcəsi, onun gəlirlərinin düzgün təyin edilməsi üçün şou-biznesdən yığılacaq gəlirlərin nə dərəcədə böyük və ya kiçik olmasının o qədər də əhəmiyyəti yoxdur. Burada, sadəcə, söhbət qanunvericiliyin düzgün tətbiqindən, o sahənin nəzarətsiz qalmamasından gedir. Həmişə hesab eləmişəm ki, konkret olaraq şou-biznes aləmində gəlir və xərcin düzgün hesabatı aparılsa, əlbəttə, toylar nəzərdə tutulur, xalq da narazı qalmaz. Onlar böyük səhvə yol verirlər, hər toyun da mühasib işlərini düzgün aparmırlar. Hər bir toyun öz xərci, oxumaq üçün yeni paltarları, yeni diskləri, digər nəqliyyat xərcləri var. Axı, bunların hamısı xərcdir. Sadəcə olaraq, şou-biznes aləmində olanların hesabatlarının hüquqi cəhətdən düzgün aparılmasına daha az fikir verirlər. Bunlara daha çox fikir vermək lazımdır.
Mən vergilər naziri olaraq sizi əmin edirəm ki, əgər çox dəqiqliyi ilə mühasibat uçotu aparılsaydı, onlardan çox az vergi tutulardı. Çünki fəaliyyətləri ilə əlaqədar xərclər həddindən artıq çoxdur. Studiya xərcləri, digər xərclər, ezamiyyələr var. Gəlirlərinin də olması məlumdur. Biz də mövcud şəraitdə olan vəziyyəti nəzərə alaraq, şou-biznesdə iştirak edən insanlara verginin bu cür tətbiqinin tərəfdarı olmuşuq.
Əmək haqqının leqallaşması üçün əlavə nə etmək olar? Dövlət bu sahədə bütün tədbirləri həyata keçirməyə çalışır. Əgər yadınızdadırsa, bir il bundan əvvəl Sosial müdafiə ilə əlaqədar qanuna əsasən əhalinin sosial sığortası birdən-birə 4 faiz aşağı salındı. Sonra işə götürən üçün də 1 faiz artırıldı. Bunlar həmişə əmək haqqının leqallaşdırılması üçün atılan addımlar sayılıbdır. Bugünkü qanunvericiliyin içərisində əlavə və dəyişikliklərə baxsanız, yemək haqlarına, müəssisələrdə yeməklərin çıxarılmasına görə bilavasitə gəlir vergisinin tətbiqi əmək haqqının leqallaşdırılması istiqamətində atılan addımlardır. Əmək haqqını kənardan qara şəkildə deyil, yemək üçün ona verdiyi pulu leqallaşdıraraq o addımları atmağa çalışırıq.
Ermənistanla sərhəddə olan yaşayış məntəqələrinin vergidən azad olması yaxşı olardı. Mən də belə hesab edirəm ki, ümummilli liderimizin siyasəti bu cür olmuşdur. Azərbaycanda aqrar sahənin inkişafı üçün bütün şərait yaradılmışdır. Bu gün həmin siyasət möhtərəm Prezidentimiz tərəfindən davam etdirilir və parlament tərəfindən də təsdiq olunmuşdur. Kənd təsərrüfatı rayonlarının bütövlükdə vergilərdən azad olunması, torpaq vergisi istisna edilməklə, mən belə hesab edirəm ki, sərhəd rayonlarında əsaslı sənaye potensiallı rayonumuz yoxdur və onun iqtisadiyyatına belə vergidən azad olunmasının hansısa təsir göstərə biləcəyi məntiqini də o qədər anlamıram. Əslində, həm sərhəd, həm də digər rayonlarda dövlət tərəfindən aqrar siyasətin həyata keçirilməsi, bu sahənin inkişafı üçün çox düzgün əsas qoyulub və baza yaradılıbdır. İkinci müddətə də cənab Prezidentin təqdimatı əsasında onun yenidən 5 il müddətinə parlament tərəfindən təsdiq olunması, artıq onun 2 ili keçib, gözlənilə bilər. Buna görə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının vəziyyəti təhlil olunmalı və ona uyğun şəkildə 5 ilə, yaxud hansısa müddətə vergidən azad olub-olmaması məsələsinə baxıla bilər. Buna görə problem yoxdur.
Hörmətli deputat Qüdrət Həsənquliyev Rusiya avtomaşınları ilə bağlı fikrini dedi. Qüdrət müəllim, Bakının Rusiyadan gələn avtomaşınlarla dolması, aksiz vergilərin tətbiqi ilə əlaqədar, düzdür, daha dərindən düşünmək lazımdır. Bu məsələnin üzərində bir az da ciddi işləməliyik. Burada müxtəlif qurumların - İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Gömrük Komitəsinin birlikdə işləri gedir. Belə hesab edirik ki, əgər nəzərə alınmayan hansısa məsələ varsa, biz onu da nəzərə alarıq.
Mübariz müəllim “taksilərdə sayğac yoxdur” dedi. Mən buna və buna bənzər suallara birdəfəlik, onları, icazənizlə, qruplaşdırıb cavab vermək istəyirəm. Azərbaycan dövləti, bildiyiniz kimi, müstəqilliyini yenicə əldə edib, hələ bu sahədə gəncdir və inkişaf yolundadır. Ona görə də qanunvericilikdə və inzibatçılıqda bir neçə metoddan istifadə olunması qanunauyğun haldır. Bura inkişaf etmiş Avropa dövlətlərinin, inkişaf etməkdə olan Şərqi Avropa dövlətlərinin və MDB dövlətlərinin metodları daxil edilə bilər. Azərbaycanın özünün yeni tətbiq elədiyi məsələlər heç bir dövlətdə yoxdur. Azərbaycan öz qanunvericiliyində bunları etməkdə müstəqildir. Avropa dövlətlərində taksilərdə sayğaclar qurulur. Başqa Şərq dövlətlərinə getsəniz, inkişaf etməmiş MDB dövlətlərində olsanız, görərsiniz ki, yoxdur. Taksidə bu gün, məsələ onda deyil ki, sayğacların olması lazımdır. Qoy olsun. Bu gün Bakı şəhərinin 27 min ticarət, ictimai-iaşə obyektində olan nəzarət-kassa aparatlarının hamısını işlədə bilirikmi? Söhbət ondan gedir ki, buna hələ sizli-bizli tam nail ola bilmirik. Üstəgəl Bakı şəhərində əlavə 40 min, eləcə də ətraf rayonların hərəsində 3-5 min taksidə, ona bənzər sərnişin daşınması ilə məşğul olan kiçik həcmli avtomobillərdə sayğaclar qursaq, bu necə olar? Onlarda xüsusi kassa aparatlarının qurulması, minimum qiymətlə 90-120 yeni Azərbaycan manatına başa gələr. Mən, vergilər naziri olaraq, boynuma alıram ki, ona nəzarət sistemimiz qurulmadığına görə bu gün onu tətbiq etmək mümkün deyil. Hesab edirik ki, hər bir taksiyə 120 min manat əlavə maliyyə xərci qoyub təzədən onu tətbiq etməyin, ümumilikdə, büdcə gəlirləri üçün əsaslı səmərəsi ola bilməz. Qanunvericilikdə bunların tətbiqi büdcə gəlirlərinə o qədər də təsir eləmir.
İnsanlardan ötrü vergi inzibatçılığı, kənd təsərrüfatının vergidən azad olunması, torpaq vergisinin saxlanması hansı xeyiri gətirər? Bir çox parametrlərə görə vergi adında bir şeyi kəndli yaddan çıxarmamalıdır. O bilməlidir ki, vergi var, dövlət bunu 10 il müddətində keçibdir. İndi isə onun tətbiqi lazımdır. Bu gün taksilərdə sayğac yoxdur, çox yerlərdə isə olmalıdır. Nağdsız hesablaşmalar vasitəsi ilə həyata keçirilməli məsələlər, təəssüf ki, hələ də davam edir. Dövlət başçısı tərəfindən qoyulan məqsədə, verilən tapşırıqlara əməl olunmalıdır. Qanunvericiliyə edilən çoxlu dəyişikliklər, əsasən, bu istiqamətdə aparılacaq işlərdir.
Pənah Hüseynə ümumi cavab vermək istəyirəm. Bu suallar bir neçə yerdə səsləndi. Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən, ümumiyyətlə, büdcə nə gözləyir? Gülər xanım mən bilən bu məsələyə cavab verdi. Gəlin, bu barədə düşünək.
Büdcəyə ümumi daxili məhsulun, vergilərin, yəni vergi dərəcələrini dəyişmədən onların artım tempini götürək. Əgər ümumi daxili məhsulun artımını 20 faiz, vergilərlə daxil olmanı 51 faiz nəzərdə tuturuqsa, aydındır ki, bu, həm qanunvericilikdə olan dəyişikliklərin, həm də vergi bazasının genişləndirilməsi hesabına olacaqdır. Yəni uçotda olmayan, siz dediyiniz kimi, qara iqtisadiyyatla məşğul olanların uçota alınması, iqtisadiyyatın ümumi inkişafı kontekstində yeni yaradılan müəssisələr bu işə kömək edəcəkdir. Məsələn, bu ilin 10 ayında 30 minə yaxın hüquqi və fiziki şəxs daimi qeydiyyatdadır. Bu istiqamətdə hesab edirik ki, 51 faiz artım müsbət irəliləyişdir. Bunların heç biri neftin bazar qiyməti, daha doğrusu, normal qiyməti deyil, neftdənkənar büdcənin planlaşdırılmasıdır.
Millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm ki, büdcənin planlaşdırılması neftdən ayrıdır. Neftdənkənar, hətta neft özü, neft konsersumları, ayrı-ayrılıqda Azərbaycanda fəaliyyət göstərən digər müəssisələr, sahibkarlıq subyektləri proqnozlaşdırmada iştirak edirlər. Həm İqtisadi İnkişaf Nazirliyi, həm də Maliyyə Nazirliyində, ümumiyyətlə, bütün hökumətdə proqnozlaşdırmalar belə gedir. Büdcəyə artırılacaq vəsait sizə büdcə zərfində təqdim olunmuşdur. Həm qanunvericiliklə, həm də digər tədbirlərlə büdcəyə daxil olacaq vəsait necə və nə qədər olacaq? Saxta hesab fakturaları ilə əməliyyatları da mən bura əlavə etmək istərdim. Çünki hörmətli deputatların bu mövzuda bəzi çıxışları oldu. Mən onu axırda deyəcəyəm.
İqbal Ağazadə 23.1.16-ya edilən əlavə barədə dedi. Obyektin bağlanmaması və cərimənin artırılması üzərində, ola bilər ki, dayanaq.
Əli Məsimli söylədi ki, beynəlxalq praktikada Vergi Məcəlləsində dəyişiklik beş ildən bir olur. Amma biz razılaşmalıyıq ki, Azərbaycanda, doğrudan da, baş verən iqtisadi proseslər, eyni zamanda, onların dinamikası çox sürətlə gedir. Bunların hamısının hansısa bir beynəlxalq müşaviri dəvət etməklə görülməsi çox çətin olur.
Vergi Məcəlləsinə belə dəyişikliklərin tez-tez olunmasının biz də tərəfdarı deyilik. İnkişaf etmiş dövlətlərdə bunlar daim baş verir. Azərbaycanda baş verən iqtisadi inkişaf tempi bunu bizdən tələb edir. Çünki əhalinin hansısa bir hissəsinin, yəni orta və kiçik sahibkarlıqla məşğul olan hissəsinin 10 ildə özünü normal fəaliyyətə salması tamamilə başqa bir şeydir. Azərbaycan kimi bir dövlətdə isə bu sahələrin 2, 3, 5 il ərzində özünün normal fəaliyyətinə gəlib çıxması, normal işləməsi bizdən başqa hədlər tələb edir. Ona görə biz daha çevik olmalıyıq. Bu məsələ cənab Prezidentin də daim diqqət mərkəzində olur. Odur ki, qanunvericiliyin dəyişməsini, bu layihələrin müxtəlif qanunvericilik təşəbbüsü ilə parlamentdə görünməsini normal hesab etmək olar.
Kölgə iqtisadiyyatı çoxdur, bu yolla yeni vəsaitlər əldə etmək olar, leqallaşma üzrə ciddi işlər görülməlidir. Bunlar deyildi. Mən sizinlə tamamilə razıyam. Kölgə iqtisadiyyatı var, həm də o həddədir ki, onunla mübarizə aparmaq lazımdır və bununla da dövlətin müvafiq qurumları daim məşğuldurlar.
Mən bayaq Vergi Məcəlləsinə dəyişikliklər haqqında deyəndə əlavə dəyər vergisi üzrə hesablanmanı sizin nəzərinizə çatdırdım. O, adi qaydada, öz xoşu ilə insanların gətirib verdiyi hesabatların rəqəmləri deyildir. O məhz yayınaraq, qaçaraq kölgə iqtisadiyyatına xidmət etmək istəyənlərin rəqəmləridir ki, Vergilər Nazirliyi tərəfindən qaytarılıbdır. Statistikanı hökumət vergilərlə aparmaya da bilərdi. Onda daha yaxşı olardı? Biz, sadəcə olaraq, bu statistikanı ona görə aparırıq ki, həqiqətən, mövcud faktları bilmək istəyirik. Biz o həqiqətləri bilmək istəyirik ki, doğrudan da, yayınmalarımız haradadır? Dünənə qədər yayınmalar audit, komeral yoxlamalarla görünürdü. Onlar 300 milyon, 250 milyon manat məbləğində idi. Bu gün həmin rəqəmlər 8 milyon, 9 milyon, 1 milyard manatla ifadə olunur. Biz bunu gizlətməliyikmi? Biz şəffaflığı qorumalıyıq. Dövlətin, hökumətin siyasəti bundan ibarətdir. Mən sizə tam əminliklə deyirəm ki, bu məlumat hökumətin içərisində bir neçə qurumdan başqa heç bir yerdə yoxdur. Amma parlamentə bunların hamısı təqdim olunmalıdır və bilinməlidir ki, bunlar var. Sonra da biz birlikdə buna qarşı mübarizəni necə həyata keçirməyi müzakirə etməliyik.
Burada Vahid müəllim borcların artması barədə dedi. Bəli, düz deyirsiniz, borcların artması məsələsi var. Amma borclar azalır, yəni ayrı-ayrı strukturlarda borcların azalması işi gedir. Bütövlükdə borcluların sayı Azərbaycanda, istər dövlət sektorunda, istərsə də qeyri-dövlət sektorunda olsun, azalır. Bu istiqamətdə tamamilə ciddi tədbirlər görülür. Əvvəlki dövrlərlə müqayisə etsək, o qədər də böyük vəsaitlər deyil, amma biz çalışırıq ki, bu borclar da olmasın. Müqayisədə istəyirik ki, borclu olmayanlar daha üstün olsunlar, borclu olanlar isə ona uyğun cərimələrini ödəyə bilsinlər.
Deyildi ki, əlavə dəyər vergisinin dərəcəsinə baxmaq lazımdır. Çox ciddi və konseptual məsələdir. Bu barədə çox danışılmalıdır, çox müzakirələr aparılmalıdır. Bu, həddindən artıq riskli addımdır. Hər hansı kiçik həcmli vergilərlə hansısa hesablamada səhvə yol vermək olar. Amma büdcə daxilolmalarında gəlir, mənfəət, əlavə dəyər vergisi kimi vergilərin hesablanmasında, dərəcələrin aşağı-yuxarı olması kimi hesablamalarda çox ehtiyatlı olmaq lazımdır. Ümumilikdə, bizim, düzdür, regiondakı dövlətlərlə ticarət əlaqəmiz var. Regiondakı dövlətlərin də əlavə dəyər vergisi eyni dərəcədədir. Aşağı-yuxarı dərəcələr həm Şərqdə, həm də Şimalda var. Bütün hallarda hesab edirik ki, ümumi kontekstdə dövlətin siyasəti gedir. Ümumilikdə, vergilərin həm sayının, həm də dərəcələrinin azaldılması əlavə dəyər vergisində xüsusi bir addıma qədər, yəni bir neçə il üçün azaldıla bilər. Baxılmalı məsələdir. Amma bugünkü büdcədə ona qərar vermək çox çətin olar.
Bir çox suallar var ki, sırf Milli Məclisin üzvünə aid, bilavasitə onları maraqlandıran məsələ idi. Mən onlara təklikdə də cavab verə bilərəm. Amma bir qlobal məsələnin üzərinə qayıtmaq istərdim. Mən bütün çıxış edənlərə hörmətlə yanaşıram. Hörmətli Baba Tağıyev, Şəmsəddin Hacıyev, Gülər xanım Əhmədova, Abel Məhərrəmov çıxış etdilər. Bunların hər birində nəzərə alına biləcək məsələlər var. Biz çalışacağıq ki, bəli, Abel müəllim, tikintinin hansı dövrdən nəzərə alınmasına kömək edək. Elə məsələlər var ki, biz bəlkə də burada izahat verməmişik, onlar müvafiq icra hakimiyyətinin səlahiyyətindədir. Tikintiyə hansı dövrdən başlanmasını onlar təqdim etməli idilər. Mən razıyam.
Hörmətli Gülər xanım burada vergi sisteminə və vergi daxilolmalarına ən çox tərif deyənlərdən biri oldu. Mən çox minnətdaram. Başlanğıcı yaxşı gələndə, mən bilirdim ki, axırda çox problemli məsələlər çıxacaq. Gülər xanımın və Çingiz Əsədullayevin üzərində xüsusi dayandıqları əlavə dəyər vergisi hesablarının açılması məsələsini biz də ciddi, çox riskli bir iş sayırıq. Milli Məclisin üzvlərindən, cənab Sədr, xahiş edirəm, onlara məlum olsun ki, deyilən məsələ bu gün üçün deyil. Bu, sadəcə olaraq, parlamentə təqdim edilib və əvvəlki illərdə də konkret olaraq hökumətdə dəfələrlə müzakirə olunubdur. Bunun hər iki tərəfi var. İstər Milli Bankla, istərsə də digər banklarla, eyni zamanda, digər qurumlarla birgə iş görmək həddindən artıq qlobal məsələdir. Konseptual, çox əsaslı bir dəyişiklikdən söhbət gedir. Bunun istənilən qədər müsbət və mənfi tərəfini saymaq olar.
Bizim hökumətin, dövlətin siyasəti tamam ayrıdır. Bu işdə biz dediyiniz dövlətlərə oxşamağa çalışmırıq. Biz elə kateqoriyadan olan dövlətik ki, baxmayaraq Bolqarıstan tətbiq edib, nəticələri təhrif olunmuş şəkildə dediniz, əslində, elə deyil, bu təcrübəni hansısa dövlətdən konkret olaraq götürmək fikrindəyik. Bu ideya var, bu ideya alimlər arasında daim çarpışma yaradıbdır.
Bir çox dövlətlərdə bu məsələ niyə elan olunmadı? Ona görə olunmadı ki, lobbiçilik fəaliyyəti imkan vermədi. Bu, əlavə dəyər vergisindən yayınmanın qarşısının alınmasına qarşı görülən tədbirlərin içərisində çox ciddi addımdır. Onun ciddi və ən radikal addım olmasını bir çox alimlər də sübut ediblər.
Hesab edirik ki, normal iş fəaliyyəti ilə məşğul olan əlavə dəyər vergisi ödəyicilərinin heç nədən narahat olmağa əsası yoxdur. Bu günə olan təhlillərimiz də bunu göstərir. Tək bir nazirlikdə yox, hökumətdə, eyni zamanda, Milli Bankda, digər əlaqədar banklarda iş arta bilər, düz deyirsiniz. Bankda tək bununlamı iş artır? Bankda bir valyuta 4 dəfə bundan ona keçir. Gəlirlər büdcəyə valyuta ilə daxil olmayanda məgər bankın hesabında qalmır?
Vergilər Nazirliyi, hökumət bütövlükdə həmişə çalışmışdır ki, dövlət qurumlarının birinin fəaliyyəti digərinin üzərinə kölgə salmasın, onların birinin fəaliyyəti digərinin işini zəiflətməsin. Əksinə, vergi sistemində bir çox radikal addımlar var ki, atıla bilərdi, parlamentə çıxarıla bilərdi, amma o zaman həmin addım digər məsələlərə təsirini göstərə bilər. Bunlar əhalinin əmanətlərinə, əmanətlərin çəkilməsinə, onların etibarlılığının azalmasına və digər məsələlərə çıxara bilər. Bunların hamısında konstruktiv, düzgün mövqe tapmaq lazımdır ki, bütövlükdə həm makroiqtisadi vəziyyət pozulmasın, həm də sistemlərin hər biri ayrı-ayrılıqda işləyib öz funksiyalarını yerinə yetirə bilsin.
Yenə deyirəm, əlavə dəyər vergisinin tətbiqi çox radikal məsələdir. Biz o dövlətlərdənik ki, təvazökarlıqdan uzaq da olsa, icazə verin, mən sizə bu həqiqəti açıq şəkildə deyim: bu gün Azərbaycanın vergi sistemi təkcə MDB dövlətləri içərisində deyil, Şərqi Avropada da ən inkişaf eləmiş vergi sistemidir. Söhbət onun rəhbərindən, orta və ya kiçik mütəxəssisindən getmir. Söhbət sistemdən gedir. Bu, belədir, bu, həqiqətdir. Bütün beynəlxalq təşkilatların da Azərbaycan hökumətinə yazdığı məktublarda dediyim var. Ona görə region dövlətləri içində bizim Şimaldan olan dostlarımız, qonşularımız Azərbaycanın vergilər sistemini öyrənməyə gəlirlər. O cümlədən Qırğızıstan, Qazaxstan, Türkiyə dövləti də bir il bundan qabaq gəlibdir, mütəxəssisləri Azərbaycan vergi sistemini öyrənmək, tətbiq eləmək istəyirlər. Sistem deyəndə, təkcə vergidən, vergi siyasətindən, inzibatçılıqdan söhbət getmir. Bu, ümumilikdə, dövlətin siyasətinin tərkib hissəsidir. Digər dövlətlərdə də bu məsələ müzakirələrə çıxarılıbdır. Açıq şəkildə deyirəm, bunu heç kim risk eləyib cənab Prezidentə deyə bilməzdi. Bunu parlamentə gətirib çıxarmaq riskli işdir, ciddi məsələdir. Amma burada Bolqarıstanı misal gətirmək, orada bunun effekt vermədiyini demək doğru deyil. Orada bunun ziyanı olubsa, onun ümumi iqtisadiyyatda makroiqtisadi təsiri yəqin, olmayıbdır.
Mən vaxtınızı çox aldım. Əlavə cavab vermədiyim suallara görə üzr istəyirəm. Amma mən sizi əmin eləyirəm ki, ya yazılı, ya da şifahi şəkildə hörmətli deputatlarımızın suallarının qalan hissəsini cavablandıracağam. Bir daha sizdən xahiş eləyirəm ki, nəzərdə tutulan və təklif olunan əlavələrə səs verəsiniz. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Fazil müəllim. Mən də hesab edirəm ki, bu gün çox ətraflı müzakirələr getdi. Hörmətli millət vəkilləri tərəfindən çox gözəl təkliflər, tövsiyələr verildi. Biz də inanmaq istəyirik ki, hökumət qarşıdakı 10 günlük araşdırmasında bu tövsiyələrdən bəhrələnə biləcəkdir.
Sabah iclasımız davam eləyir. Mən xahiş eləyirəm, sabahkı iclasımızda bir az operativ işləyək. Hələ çox məsələ qalıbdır. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi