Sənədlər

667

Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə
etimad göstərilməsi haqqında
Azərbaycan Respublikası ümumxalq səsverməsinin
(referendumunun) keçirilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy 1993-cü il iyunun 17-dən 18-nə keçən gecə qəflətən, dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən Bakı şəhərindən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndinə getmişdir. Belə şəraitdə Azərbaycan Respublikasının Milli Məclisi 1993-cü il 21 iyun tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə Bakı şəhərinə təcili olaraq qayıtması barədə müraciət etmişdir. Lakin Əbülfəz Elçibəy bu müraciətə əhəmiyyət verməyərək paytaxta qayıtmamış və heç bir təsirli tədbir görməmişdir. Bununla Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Prezidenti vəzifələrini icra etməsini qeyri-mümkün etmişdir.

1993-cü il iyunun 24-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə əsasən Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikası Prezidenti vəzifələrini daha icra edə bilmədiyi təsdiq olunmuş və onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy də 1993-cü il 24 iyun tarixli Fərmanla öz səlahiyyətlərini Azərbaycan Respublikası Ali Sovetinin sədrinə vermişdir.

Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 24 iyun tarixli iclasında və ondan sonra keçirilən bütün iclaslarında Milli Məclisin üzvləri, həmçinin digər millət vəkilləri Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə əsasən Əbülfəz Elçibəyin Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən kənarlaşdırılmasını təkidlə tələb etmişlər.

Milli Məclisin 1993-cü il iyulun 15-16-da keçirilən iclasında "1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyasının işinin yekunu barədə" məsələ müzakirə olunarkən Milli Məclisin üzvləri tərəfindən həmin tələb daha kəskin şəkildə qoyulmuşdur.

Bununla yanaşı həmin iclasda deputat-istintaq komissiyasının təqdim etdiyi rəydə, çıxışlarda və "1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyasının işinin yekunu barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 16 iyul tarixli qərarında 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının kobud surətdə pozulması kimi qiymətləndirilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy artıq bir aydan çoxdur ki, Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində yaşayır və dövlət idarəetmə orqanlarının rəhbərləri ilə bilavasitə əlaqə saxlaya və Prezident vəzifələrini icra edə bilmir. Belə bir şəraitdə Azərbaycan dövlətçiliyi təhlükə qarşısında qoyulmuş, dövlət hakimiyyət qurumlarının və idarəetmə sisteminin dağılmasına gətirib çıxarmış, iqtisadiyyatda və sosial həyatda gərginlik daha da dərinləşmiş, hərbi münaqişə bölgələrində, Qarabağda və xüsusən Ağdamda vəziyyət son dərəcə kəskinləşmişdir.

Yuxarıdakıları nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. 1993-cü il avqustun 29-da Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında Azərbaycan Respublikasının ümumxalq səsverməsi (referendumu) keçirilsin.

2. Referendumda səsvermə bülleteninə - "Siz Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərirsinizmi?" sualı və cavab variantları - "hə" və "yox" sözləri daxil edilsin.

3. Müəyyən edilsin ki, "Azərbaycan Respublikasının ümumxalq səsverməsi (referendumu) haqqında" Azərbaycan Respublikası Qanununun 17 və 18-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında 1993-cü il avqustun 29-da keçiriləcək Azərbaycan Respublikası referendumunun Mərkəzi Komissiyasının və Respublika(Naxçıvan Muxtar Respublikası) Komissiyasının səlahiyyətini müvafiq surətdə Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi Seçki Komissiyası və Naxçıvan Muxtar Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi Seçki Komissiyası həyata keçirir.

4. Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi Seçki Komissiyasına və Naxçıvan Muxtar Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi Seçki Komissiyasına tövsiyə olunsun ki, Azərbaycan Respublikasının ümumxalq səsverməsində (referendumunda) səsvermənin keçirilməsi üçün rayonların, respublika tabeli şəhərlərin hüdudları daxilində müvafiq dairələr təşkil etsinlər.

Yevlax, Lənkəran, Şəki və Şuşa şəhərlərində və rayonlarında referendum keçirilməsi üçün iki dairə (şəhər və rayon dairələri) əvəzinə bir dairə - Yevlax, Lənkəran, Şəki və Şuşa dairələri yaradılır.

5. Müəyyən olunsun ki, Azərbaycan Respublikası referendumunun dairə komissiyalarının səlahiyyətlərini Azərbaycan Respublikası yerli xalq deputatları Sovetləri deputatlarının sonuncu ümumi seçkiləri vaxtı yaradılmış seçki komissiyaları - Azərbaycan Respublikası yerli xalq deputatları Sovetləri deputatlarının seçkiləri üzrə rayon və şəhər (Bakı və Gəncə şəhərlərindən başqa, respublika tabeli şəhərlər) seçki komissiyaları və Naxçıvan Muxtar Respublikası yerli xalq deputatları Sovetləri deputatlarının seçkiləri üzrə müvafiq seçki komissiyaları həyata keçirirlər.

Yevlax, Lənkəran və Şəki şəhərlərində dairə komissiyalarının səlahiyyətlərini sonuncu çağırış yerli xalq deputatları sovetləri deputatlarının seçkiləri üzrə eyni adlı şəhərlərin və rayonların birləşmiş şəhər və rayon seçki komissiyaları yerinə yetirirlər.

6. Siyasi partiyaların və siyasi hərəkatların, ictimai birliklərin və təşkilatların referendum komissiyaları tərkibində real təmsil olunmaları üçün, lazım gələrsə, Mərkəzi, respublika (Naxçıvan Muxtar Respublikası) və dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məqsədəuyğun sayılsın.

7. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının rayon və şəhər xalq deputatları Sovetləri və onların rəyasət heyətləri "Azərbaycan Respublikasının ümumxalq səsverməsi (referendumu) haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq ən geci 1993-cü-il avqustun 7-dək səsvermə məntəqələrinin və məntəqə referendum komissiyalarının təşkilini təmin etsinlər.

Bakı və Gəncə şəhərlərindəki xalq deputatları Sovetlərinin səlahiyyətinə xitam verilmiş rayonlarda Azərbaycan Respublikası referendumu səsvermə məntəqələrini və məntəqə referendum komissiyalarını rayonların icra hakimiyyəti başçıları Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun surətdə təşkil edirlər.

8. Azərbaycan Respublikasının qoşun hissələrində bir qayda olaraq səsvermə məntəqələri yaradılmır.
Respublika silahlı qüvvələrində xidmət edən Azərbaycan Respublikası vətəndaşları özlərinin referendumda iştirak etmək hüququnu hərbi hissələrin olduqları şəhərlərin və rayonların ərazisindəki səsvermə məntəqələrində həyata keçirirlər. Dairə və məntəqə referendum komissiyaları həmin şəxslərin siyahılarını qoşun hissələrinin komandanlığı ilə birlikdə müəyyənləşdirməli və onların referendumda iştirak etməsinə lazımi şərait yaratmalıdırlar.

9. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının respublika referendumunda iştirakından ötrü Azərbaycan Respublikasının xaricdəki səfirliklərində və səlahiyyətli nümayəndəliklərində səsvermə məntəqələrinin və məntəqə referendum komissiyalarının vaxtında təşkili məsələlərini Azərbaycan Respublikasının Mərkəzi referendum komissiyası ilə birlikdə həll etsin.

10. Respublikanın şəhər, rayon xalq deputatları Sovetləri, onların rəyasət heyətləri, rayon və şəhər icra hakimiyyəti başçıları respublikanın səsvermə hüququ olan vətəndaşlarının - hələ mənzil qeydiyyatı olmayan qaçqınların və məcburi köçkünlərin referendumda iştirakını təmin etsinlər. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Qaçqınlar Cəmiyyəti mənzil qeydiyyatı olmayan qaçqınların və məcburi köçkünlərin siyahılarının 10 gün müddətində müəyyənləşdirilməsi üçün dairə referendum komissiyalarına əməli kömək etsinlər.

11. Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi bu referendumun keçirilməsilə əlaqədar kitabça, plakat və materialların çapını vaxtında təmin etsin.

12. Respublika yerli xalq deputatları Sovetləri və icra orqanları bu referendumun respublikanın bütün ərazisində lazımi səviyyədə hazırlanıb keçirilməsi üçün təxirəsalınmaz tədbirlər görsünlər.

13. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu referendumun keçirilməsi gedişini və ona yekun vurulmasını müşahidə etmək üçün xarici dövlətlərin parlamentlərinə, hökumətlərinə, ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edib, onların nümayəndələrini respublikaya dəvət etsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, bu referendumun hazırlanması və keçirilməsi üçün lazımi vəsait ayırsın, habelə nəqliyyat və rabitə müəssisələri, idarələri və təşkilatları tərəfindən lazımi xidmət göstərilməsi məsələlərini həll etsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV

Bakı şəhəri, 29 iyul 1993-cü il
№ 667

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi