Sənədlər

719

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin
Ermənistan Respublikasının Prezidenti L. Ter-Petrosyanla Moskva şəhərində
görüşü haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev 1993-cü il sentyabrın 25-də Moskva şəhərində Ermənistan Respublikasının Prezidenti L. Ter-Petrosyanla görüşüb söhbət etmişdir.

Söhbət zamanı Azərbaycan-Ermənistan hərbi münaqişəsi və Dağlıq Qarabağ problemi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi edilmiş, döyüş əməliyyatlarının dayandırılmasının və iki ölkə arasında sülh yaradılmasının zəruriliyi bildirilmişdir. Əməli fikir mübadiləsi nəticəsində tərəflər döyüş bölgələrində atəşkəsin müddətinin 1993-cü il oktyabrın 5-dən noyabrın 5-dək uzadılması haqqında mühüm razılığa gəlmişlər.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin məlumatını dinləyərək qərara alır:

1. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 1993-cü il sentyabrın 25-də Moskva şəhərində Ermənistan Respublikasının Prezidenti L. Ter-Petrosyanla görüşü bəyənilsin.

2. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevə tövsiyə edilsin ki, Azərbaycan Respublikasının Ermənistanla sərhədboyu və başqa rayonlarında döyüş əməliyyatlarına son qoyulması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, sülhün və əmin-amanlığın bərqərar olunması naminə Ermənistan Respublikasının rəhbərliyi ilə əlaqələri davam etdirsin.


Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV

Bakı şəhəri, 29 sentyabr 1993-cü il

№ 719

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi