PARLAMENT  -  90

 

AZƏRBAYCAN  PARLAMENTİNİN BU  GÜNÜ
(Bir  iclasın  əks  sədası)

 

Tarixin heç bir dönəmi, heç bir anı səssiz-səmirsiz ötüşüb keçmir. Zaman və məkan çərçivəsində izsiz qalan məqam düşünmək zənnimcə, ya səhv, ya da ki, sadəlövhlük olardı. Yaşanan hər zaman kəsiyinin hadisələrsiz ötüşməsini təsəvvür etmək çətindir. Sadəcə olaraq bu zaman kəsiyində baş verən hadisələrin böyüklüyü və ya kiçikliyi, əhəmiyyəti, mahiyyəti, xeyiri və ya ziyanı, təbiətə və ya cəmiyyətə təsiri və digər məsələlər həmin hadisələrin tarixin yaddaşında necə qalacağını və ya qalıb-qalmayacağını şərtləndirir. Bu, ümumilikdə dünyanın yaranışından bu günə qədər olan tarixdə də belədir. Ayrı-ayrı dövlətlərin və xalqların tarixinə diqqət yetirsək, orada da deyilənlər öz təsdiqini tapır. Hər bir xalq keçmişinə baxıb öyünürsə, bu gününə daha çox inam bəsləyir, gücünə güvənir, sabahına, gələcəyinə isə böyük ümidlə arzuların və istəklərin qovuşuğu kimi baxır.
Sevindirici haldır ki, geriyə çevrilib Azərbaycan tarixinin yaxın və uzaq dönəminə boylananda qürur duyduğumuz, başqa dövlətlərə və xalqlara nümunə ola biləcək daha çox gerçəkliklərin və yaşantıların şahidi oluruq. Əlbəttə, zamanından asılı olmayaraq, tarixdə əldə olunan uğurlar və sonrakı mərhələlərdə əlamətdar tarixi hadisə kimi qeyd olunan nə varsa əzablı, məşəqqətli günlərin, möhkəm iradənin, yüksək intellektin və mübarizliyin məhsuludur. Biz bu yazıda tarixə çox da dərindən baş vurmadan 2008-ci ildə qeyd etdiyimiz əlamətdar hadisələrə məzmun və mahiyyətcə o günümüzlə bu günümüzü birləşdirən yubileylər prizmasından diqqət yetirəcəyik.
Ümumiyyətlə, 2008-ci il Azərbaycan tarixindəki əhəmiyyətinə görə misilsiz rol oynayan hadisələrin yubileyləri  ilidir. Xalqımız müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin 85 illik yubileyini, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyini, Milli Qurtuluşunun 15-ci ildönümünü, Milli Ordumuzun 90 yaşını böyük təntənələrlə qeyd etdi. Həmişə dünyaya fəxrlə bəyan etdiyimiz müsəlman Şərq aləmində ilk parlamentin yaranmasının 90 illiyi də bu təntənələr sırasında müasir tariximizin, rəssamların dili ilə desək, rəngli boyalarla çəkilmiş əsərinə çevrildi. Rənglər elə seçilmişdi ki, bu rənglər yubiley təntənəsi çərçivəsində Azərbaycan reallığını tam əks etdirə  bildi, ölkəmiz tədbirə qatılan yüksək səviyyəli xarici qonaqlara yeni məzmun və formada, yeni mahiyyətdə təqdim olundu.
Bütün bunları görmək, duymaq və yaxından hiss etmək, bu tarixi anların şahidi olmaq təbii ki, hər kəsin arzusu ola bilər. Hər məqamı Azərbaycan tarixinin yeni möhtəşəm hadisəsinə və silinməz səhifəsinə çevirən proseslərin birbaşa iştirakçısı olmaq isə böyük xoşbəxtlikdir. Hadisələrin içində ikən onları müşahidə süzgəcindən keçirirsən. Müşahidələr isə bir qədər sonra nəticə çıxarmağa, qənaətə gəlməyə imkan verir, sonrakı mərhələlərdə xatirələrə çevrilir, yazıya çevriləndə isə tarixə dönür. Parlamentimizin 90 illik yubileyi ilə bağlı müşahidələrim nəticəsində gəldiyim bəzi qənaətləri bölüşməyi özümə borc bildim.
Əvvəlcə istərdim ki, yubiley mərasiminə hazırlıqla bağlı həyata keçirilmiş tədbirlərə diqqət yetirək. Bir daha xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncamda əlamətdar tarixlə bağlı Milli Məclisin xüsusi iclasının keçirilməsi də tövsiyə olunurdu. Milli Məclis rəhbərliyi həmin sənəddən irəli gələn tövsiyələrə əsasən Parlamentin 90 illiyi ilə bağlı rəngarəng tədbirlər planı hazırlayaraq həyata keçirməyə başladı. Milli Məclisdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi və ölkə parlamentinin 90 illiyi münasibəti ilə “Heydər Əliyev müasir Azərbaycan parlamentinin banisidir” adlı kitabın təqdimat mərasimi yubiley tədbirlərinin başlanğıc nöqtəsi oldu. Bu qiymətli töhfə illərdən sonra da parlament tariximizə güzgü tutacaq.
“Azərbaycan parlamenti – 2008” futbol turniri isə yubiley tədbirlərinə bir idman töhfəsi oldu. Bundan başqa “Milli Məclis” jurnalının xüsusi buraxılışı məhz parlamentimizin 90 illiyinə həsr olunmuşdu. Söylənilənlər barədə ətraflı söhbət açmağa ehtiyac duymuruq ona görə ki, bunlar barədə kifayət qədər məlumat verilib və mətbuat səhifələrində çox yaxşı işıqlandırılıb.
Qeyd etmək lazımdır ki, ümumiyyətlə, ölkə mətbuatı 2008-ci il yubileylərinə geniş yer ayırmış, bu sahədəki yazılara, çıxışlara və müzakirələrə xüsusi diqqət yetirmişdir. Parlamentin 90 illiyi mətbuatımızın baş mövzularından biri olaraq qalır. Çünki yubiley tədbirləri hələ davam etməkdədir. Yəqin ki, ilin son ayında bu tədbirlərə yekun vurulacaq. Amma fikrimcə, Azərbaycan Parlamentinin 90 illik yubileyinin, əgər belə demək mümkündürsə, zirvə tədbiri olan xüsusi iclası barədə fikir və mülahizələri bölüşmək yerinə düşərdi.
Milli Məclisin rəhbərliyi xüsusi iclasın yüksək səviyyədə keçirilməsi üçün bütün imkanları səfərbər etdi. Elə bir iclas keçirilməsi nəzərdə tutulurdu ki, bu tədbir Azərbaycan parlament tarixinə layiqli töhfə olsun. Əlbəttə, bu həm məsuliyyətli, həm də həddən artıq ciddi hazırlıq tələb edən  məsələ idi.
Əsas məqsədlərdən biri o idi ki, parlamentimizin 90 illik yubileyi  dünya ölkələrinin diqqətinə çatdırılsın, Azərbaycanın tarixi və hazırki reallıqları beynəlxalq aləmə bir daha bəyan  edilsin. Ona görə də dünyanın ayrı-ayrı dövlətlərinin parlamentlərinə və beynəlxalq təşkilatlara dəvət məktubları ünvanlandı. Dəvətə göstərilən müsbət münasibətlər ölkəmizin artan nüfuzunu bir daha ortaya qoydu və təntənəli tədbirdə iştirak edəcək qonaqların səfər proqramını yüksək səviyyədə tərtib etmək üçün daha geniş ölçülü işlər tələb olundu. Doğrudan da qarşıda çox böyük bir missiya dayanırdı. Milli Məclisin rəhbərliyindən tutmuş adi əməkdaşına qədər hamının narahat olmağına əsas var idi. Amma onu da qeyd edim ki, hər hansı bir tədbirin beynəlxalq səviyyədə keçirilməsi üçün Milli Məclisin uğurlu təcrübəsi və hazırlıq işlərinin gedişi əvvəlcədən müsbət qənaətə gəlməyə əsas yaradırdı. Nəhayət, iyunun 17-dən başlayaraq xarici qonaqlarımız Bakıya gəlməyə başladı.
Qonaqların Heydər Əliyev beynəlxalq hava limanında  qarşılanmasından tutmuş, onların ölkəmizdə olduqları müddətdə səfər proqramlarının zəngin və maraqlı təşkilinə qədər bütün işlər ölçülüb-biçilmiş və əsl Azərbaycan qonaqpərvərliyinə uyğun, yüksək standartlar səviyyəsində qurulmuşdu.
Budur, çoxdan həyəcanla gözlədiyimiz tarixi gün – Azərbaycan Parlamentinin 90 illik yubileyi ilə bağlı xüsusi iclasın keçirildiyi 19 iyun 2008-ci il. Parlament rəhbərliyi qonaqlarla birlikdə səhər-səhər əvvəlcə Fəxri xiyabana gəldilər. Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər, əklil qoydular, xatirəsini ehtiramla yad etdilər. Sonra azadlığımız, suverenliyimiz, torpaqlarımız uğrunda canlarını qurban vermiş oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı ziyarət olundu. Şəhidlərin məzarı üzərinə tər qərənfillər düzüldü, onların xatirəsinə ucaldılmış əbədi məşəl  kompleksi önünə əklil qoyuldu.
Ziyarətlər başa çatdıqdan sonra nümayəndə heyətləri Milli Məclisə gəldilər. Burada Heydər Əliyev Xatirə zalı ilə tanış oldular. Onlara bu dahi şəxsiyyətin həyat yolunu əks etdirən eksponatlar haqqında ətraflı məlumat verildi. Sonra tədbir iştirakçıları Milli Məclisin inzibati binası ilə tanış oldular, deputatlar üçün yaradılan iş şəraitinə diqqət yetirdilər. Qonaqlar doğrudan da heyran qalmışdılar. Bu barədə çox deyilsə də, münasibət bildirmədən keçib getmək olmur.
Doğrudan da,  xaricdən gələn qonağı təəccübləndirmək və onlara yeni nəyi  isə təqdim etmək təbii ki, o qədər də asan məsələ deyil. Amma bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, quruculuq işləri və beynəlxalq statuslu tədbirlərin çox yüksək səviyyədə təşkili ölkəmizə gələn hər hansı qonağı heyran edir və xoş təəssüratlar yaradır. Ölkədə aparılan islahatlara öz töhfəsini verən Milli Məclis bu gün artıq dünyanın öncül Ali qanunverici orqanları sırasındadır. Real vəziyyət və müşahidələr onu deməyə əsas verir ki, dünya dövlətlərinin parlamentləri Azərbaycan parlamenti ilə hərtərəfli əməkdaşlıq etməyə, təcrübə mübadiləsi aparmağa və qarşılıqlı səfərlər etməyə böyük maraq göstərirlər. Bu, Azərbaycanın gündən-günə artan nüfuzunun təzahürüdür. Parlamentimizin yubiley tədbirinə qatılan yüksək səviyyəli qonaqların bu mərasimdə iştirakdan məmnunluqlarını müşahidə etdikcə özümüz daha xoş hisslər yaşayırdıq. Qonaqlar Milli Məclisdə aparılan quruculuq işləri ilə tanış olduqdan sonra parlamentin 90 illiyinə həsr olunan iclasa qatıldılar.
Milli Məclisin möhtəşəm iclas zalı. Zövqu oxşayan görkəmi, diqqəti cəlb edən arxitekturası ilə ilk baxışdan adamı heyran edən iclas zalı həmin gün daha əzəmətli və daha təntənəli görünürdü. Bayramsayağı bəzədilmiş zal böyük bir tarix yaşayırdı. Burada keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edirdi.
Azərbaycan parlamentinin 90 illik yubileyində iştirak etmək üçün Bakıya gəlmiş xarici ölkələrin 9 parlament sədri, 18 sədr müavini, 102 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatının, eləcə də xarici dövlətlərin Bakıdakı diplomatik korpusunun nümayəndələri bayram sevincini bizimlə bölüşürdülər. Bu mühüm anları yaşamaq, onun iştirakçısına çevrilmək hər birimizin həyatında tarixi hadisə idi və gördüklərimiz, müşahidə etdiklərimiz qürur hissi yaradırdı.
Yubiley tədbiri Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlandı. Milli Məclisin Sədri Oqtay Əsədov yığıncağı açaraq Prezident İlham Əliyevi və qonaqları salamladı, əlamətdar bayram münasibəti ilə hamını təbrik etdi.
Sonra ölkəmizdə parlamentarizmin tarixindən söz açan Oqtay Əsədov qeyd etdi ki,  90 il əvvəl Azərbaycanda müasir dövrün modelinə xas qanunvericilik orqanının təsis edilməsi xalqımızın taleyində müstəsna rol oynamışdır. 1918-1920-ci illərdə cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk parlamentimiz Azərbaycanın  gələcəyi üçün dəyərli işlər görə bilmişdir. Bu işlər sayəsində Şərq aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi təməli yaradıldı, Dövlət bayrağı və himni qəbul edildi, ana dilimiz dövlət dili elan olundu. Dünyada birincilər sırasında və Şərq aləmində ilk dəfə olaraq məhz bu parlament qadınlara seçki hüququ verdi. Dövlət quruculuğu, iqtisadi, sosial, mədəni və hərbi sahələrdə qəbul edilən qanunvericilik aktları müstəqil dövlətin səmərəli fəaliyyətinə imkan yaratdı. O dövrdə Azərbaycanda mövcud olan bütün siyasi qüvvələrin və müxtəlif millətlərin nümayəndələri parlamentdə təmsil olunmuşdu.
Milli Məclisin Sədri Oqtay Əsədov sovet hakimiyyəti dövründə Ali Sovet adıyla fəaliyyət göstərən qanunverici orqanın məhdud səlahiyyətlərə malik olduğuna da toxundu. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqının yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra böhranlı vəziyyətdən çıxdığını, sabitlik və inkişaf dövrünə daxil olduğunu, əsl dövlət müstəqilliyini əldə etdiyini vurğuladı.
Ulu öndərin bu orqana böyük qayğısını minnətdarlıq hissi ilə yad edən Milli Məclisin Sədri nəzərə çatdırdı ki, müasir Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Konstitusiya əsasında formalaşıb. Bu gün Milli Məclis qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir, dövlətimizin müasir tələblərə cavab verən qanunvericilik bazasını yaradır və təkmilləşdirir.
Yığıncaq iştirakçılarına Azərbaycan parlamentinin beynəlxalq əlaqələrindən danışan Spiker bildirdi ki, Milli Məclis 7 beynəlxalq parlament təşkilatının üzvüdür, Avropa Parlamenti, NATO-nun Parlament Assambleyası və Baltik Parlament Assambleyası ilə yaxından əməkdaşlıq edir. İkitərəfli əlaqələrin inkişafı istiqamətində Milli Məclisdə 70-dən çox ölkənin parlamenti ilə əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir.
Milli Məclis Sədrinin çıxışında bir məsələ xüsusi ilə diqqəti cəlb etdi. O dedi: “Azərbaycanda dövlət hakimiyyət bölgüsü prinsipi əsasında qurulmuşdur. Biz qürur hissi ilə söyləyə bilərik ki, parlamentlə Prezident arasında çox gözəl münasibətlər mövcuddur. Parlamentin qəbul etdiyi layihələrin 80 faizindən çoxu cənab Prezidentin təşəbbüsü ilə müzakirəyə çıxarılır. Biz əminik ki, bu münasibətlər gələcəkdə də bu qaydada davam edəcəkdir.”
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi tədbir iştirakçılarında çox böyük təəssürat yaratdı. Bu yubileyi çox əlamətdar hadisə kimi dəyərləndirən dövlətimizin başçısı tarixə nəzər salaraq 1918-ci ildə Şərqdə ilk demokratik respublika kimi meydana gələn Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının dünya miqyasında əhəmiyyətindən danışdı. XX əsrin 90-cı illərində yenidən müstəqilliyinə qovuşan  Azərbaycan xalqının keşməkeşli taleyindən bəhs etdi. Ermənistanın təcavüzkarlığı nəticəsində düçar olduğumuz bəlaları yada saldı. Həmin günlərdə öz seçimini edən Azərbaycan xalqının 1993-cü ildə milli lider Heydər Əliyevi yenidən siyasi hakimiyyətə gətirməklə dövlət müstəqilliyini qorumağa nail olduğunu vurğuladı.
Prezident İlham Əliyev qeyd etdi ki, müstəqilliyimizin qorunmasında və möhkəmləndirilməsində, həmçinin ölkəmizin bugünkü uğurlu inkişafında Azərbaycan Parlamentinin böyük rolu vardır. Həm iqtisadi sahədə, həm sosial məsələlərin həlli işində, həm də siyasi islahatların dərinləşməsində Milli Məclis tərəfindən qəbul edilmiş qərarlar xüsusi rol oynayır. Qeyd edildi ki, Azərbaycanda  gələcək nəsillərin rahat yaşaması üçün böyük miqdarda valyuta ehtiyatları yığılır. Dövlət başçısı Neft Fondunun resurslarından səmərəli istifadə edilməsində  parlamentin rolunu yüksək dəyərləndirərək bildirdi ki, bu sahədə şəffaf mexanizm yaradılmışdır və Fonddan xərclənən hər bir manat, hər bir dollar ancaq parlamentin razılığı ilə mümkündür. Parlamentin üzvləri büdcəni təsdiq edərkən bu məsələni də həll edirlər. Burada ictimai nəzarət çox güclüdür.
Öz nitqində Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyasından söz açan Prezident bildirdi ki, Azərbaycanda hakimiyyətin bütün qolları vahid komanda kimi fəaliyyət göstərir və vahid amala xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, inkişaf etmiş ölkələr sırasına çıxması əsas vəzifədir. Bu çox böyük, məsuliyyətli vəzifədir. Ulu öndər Heydər Əliyevin seçdiyi yol yeganə düzgün yoldur. Bu gün Azərbaycan öz inkişaf dövrünü yaşayır.
Çıxışında Azərbaycanın bundan sonra da öz müstəqil siyasətini davam etdirəcəyini vurğulayan dövlət başçısı bildirdi ki, bu siyasət Azərbaycan xalqının milli maraqlarına cavab verir və Azərbaycan əhalisinin rifah halının yaxşılaşmasına xidmət edir.  Ölkənin inkişafı üçün sabitliyin mühüm amil olduğunu vurğulayan Prezident qeyd etdi ki, Azərbaycanda biz həm inkişafa nail ola bilmişik, həm də Azərbaycanda sabitlik çox yüksək səviyyədədir.
Azərbaycanı güclü dövlətə çevirməyin qarşıya qoyulmuş ən mühüm   vəzifə olduğunu bildirən Prezident İlham Əliyev son dörd ildə görülən işlərdən və əldə olunan nailiyyətlərdən də danışdı. Bu müddətdə Azərbaycanda ümumi daxili məhsulun 96 faiz artdığını,  iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkə olduğumuzu xatırlatdı. Bildirdi ki, neft siyasətimiz ilk növbədə Azərbaycan xalqının rifahının yaxşılaşmasına yönəldilibdir. Ölkəmizdə təbəqələşmə getmir. Enerji resurslarının dövlət nəzarətində olduğuna baxmayaraq, özəl sektor sürətlə inkişaf edir, iqtisadiyyatın 80 faizdən çoxu bu sektora məxsusdur. Son dörd il ərzində Azərbaycanda büdcə xərcləri 10 dəfədən çox artıb. Valyuta ehtiyatlarımız artır və ilin sonuna qədər 20 milyard dollara yaxın olmalıdır.
Yubiley iştirakçılarına bölgələrdə gedən abadlıq-quruculuq işləri, yeni iş yerlərinin açılması və regionların sosial-iqtisadi inkişafına dair beşillik Dövlət proqramının uğurla icra edilməsi barədə danışan Prezident bunu ölkəmizin böyük nailiyyəti kimi dəyərləndirdi. Bölgədə lider dövlət olan Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal layihələrdən də söz açıldı.
Azərbaycan Prezidenti qonaqların diqqətini xalqımızı  narahat edən, bölgədə gərginlik yaradan və çox böyük təhlükə mənbəyi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması məsələsinə yönəltdi. O dedi: “Biz uzun illər ərzində çalışırıq ki, məsələ öz həllini sülh yolu ilə, danışıqlar yolu ilə, beynəlxalq hüquq əsasında tapsın. Mən beynəlxalq birliyi, burada müxtəlif ölkələrin parlamentlərinin nümayəndələrini çağırıram ki, onlar öz ölkələrində bu məsələni diqqətdə saxlasınlar və sülhü yaxınlaşdıra biləcək addımları atsınlar.”
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi alqışlarla qarşılandı. Qonaqların bu nitqdən heyran qaldıqları onların çıxışlarında öz əksini tapırdı. Dövlət başçısının Azərbaycanın 90 illik tarixini, o cümlədən parlamentimizin bu dövr ərzində keçdiyi yolu, ölkəmizin müasir iqtisadi, siyasi, mədəni durumunu, onun beynəlxalq aləmlə münasibətlərini, parlamentin cəmiyyətdəki rolunu dərin elmi əsaslarla təhlil etməsi  tədbir iştirakçılarının nəzər-diqqətini cəlb etdi və onlarda çox böyük təəssürat yaratdı. Prezident İlham Əliyevin parlamentin fəaliyyətinə, onun həyata keçirdiyi tədbirlərə bu cür diqqət yetirməsi Spiker Oqtay Əsədovun öz çıxışında söylədiyi “Biz qürur hissi ilə söyləyə bilərik ki, parlamentlə Prezident arasında çox gözəl münasibətlər mövcuddur” fikrinin tam təsdiqi idi.
Yubiley tədbirində qonaqlar tərəfindən çoxlu sayda təbrik nitqləri səsləndirildi. Onların Azərbaycan haqqında söylədikləri xoş sözlər bir vətəndaş olaraq hər birimizdə fəxarət hissi yaradırdı. Belarus Nümayəndələr Palatasının sədri Vadim Popov, Gürcüstan Parlamentinin sədri David Bakradze, Qazaxıstan Senatının sədri Qasım Comərd Tokayev, Pakistan Parlamenti Senatının sədri Muhəmmədmian Sumro, Polşa Senatının sədri Boqdan Boruseviç, Moldova Parlamentin sədri Marian Lupu, Rumıniya Senatının sədri Nikolae Vekeroyu, Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan, Türkmənistan Parlamentinin sədri Akca Nurberdıyeva,  İran İslam Şurası Məclisi sədrinin müavini Seyid Məhəmməd Əbuturabi, Rusiya Federasiya Şurası sədrinin müavini Svetlana Orlova ən xoş arzularını bildirdilər.
Təbrik nitqlərində Azərbaycanda son illər müşahidə olunan inkişaf və yüksəliş, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, Milli Məclisin uğurlu qanunvericilik fəaliyyəti, Heydər Əliyev siyasətinin bugünkü və gələcək uğurlarımızın rəhni olduğu xüsusi vurğulandı.
Təntənəli yığıncaqda Belçika Krallığı Senatı sədrinin müavini Mark Vervilgen, Bosniya və Herseqovina Xalq Palatası sədrinin müavini Beriz Belkiç, Estoniya Parlamenti sədrinin müavini Kristina Oyuland, Xorvatiya Parlamenti sədrinin müavini Zeljka Antunoviç, İordaniya Haşimilər Krallığı Senatı sədrinin birinci müavini Tahir əl-Masri, Küveyt Parlamenti sədrinin müavini Fəhd Diheysan Əl-Meean, Qırğızıstan Ali Şurası sədrinin müavini Çolpon Bayekova, Latviya Seymi sədrinin müavini Vineta Muizniece, Mərakeş Krallığı Nümayəndələr Palatası sədrinin birinci müavini Nurdin Moudian, Misir Ərəb Respublikası Şura Məclisi sədrinin birinci müavini Zeynəb Ridvan, Tacikistan Respublikası Nümayəndələr Palatası sədrinin birinci müavini Səfər Səfərov, Yunanıstan Parlamenti sədrinin müavini Elsa Papademetriou,  Litva Seymi sədrinin müavini Qintaras Stepanoviçius,  Almaniya Bundestaqının  Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri Ştefan Rayxe, Avstriya Milli Şurasının Avstriya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Karl Ollinger,  Bolqarıstan Parlamentinin Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Rəmzi Osman, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı İcmalar Palatasının deputatı Baronessa O'Kayn, Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun sədri Jan-Lui Düpon, İndoneziya Respublikası Nümayəndələr Palatası nümayəndə heyətinin rəhbəri Priyo Budi Santoso, İsveçrə Konfederasiyası Milli Şurası nümayəndə heyətinin rəhbəri Kristina Egerszegi-Obrist, Macarıstan Milli Assambleyasının Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri Yanos Xorvat,   Səudiyyə Ərəbistanı Krallığı Parlamentinin Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri Mohsen bin Məhəmməd Əal təbriklərini yetirərək Şərqdə parlamentarizmin əsasını qoyan Azərbaycan parlamentinin keçdiyi tarixi yoldan və demokratiyanın inkişafına verdiyi töhfələrdən, ölkəmizin bugünkü nailiyyətlərindən bəhs etdilər, Azərbaycanın islam ölkələri arasındakı nüfuzunu yüksək dəyərləndirdilər. 
Qonaqların çıxışları adi təbrik deyildi. Hər bir fikirdə Azərbaycan reallığını əks etdirən faktlar dayanırdı. Ən əsası isə bu çıxışlar ölkəmizin tarixinə, mədəniyyətinə, iqtisadiyyatına, siyasətinə bələd olan yüksək səviyyəli xarici nümayəndələr tərəfindən səslənirdi. Hazırda isə bu çıxışların, təbriklərin hər birinə analitiklər, siyasi təhlilçilər, ekspertlər rəylərini bildirir və mətbuat səhifələrində şərh olunur. Doğrudan da, ümumilikdə Azərbaycan parlamentinin 90 illiyi ilə bağlı keçirilmiş yığıncaq və orada söylənilən fikirlərə ətraflı, elmi təhlil tələb edən yanaşmamız lazımdır. Amma buna bir qəzet yazısı bəs etmədiyi üçün fikrimi Böyük Britaniya İcmalar Palatasının deputatı baronessa O’Kaynın təbrik nitqindən bəzi məqamları yada salmaqla və analitik bir qrupun onun fikirlərinə verdiyi qiymətlə yekunlaşdırmaq istəyirəm.
Xanım O’Kayn deyirdi: “Şərqdə ilk dəfə 1918-ci ildə demokratik parlamentin Azərbaycanda yaranması, burada qadınlara seçmək və seçilmək hüququnun verilməsi tarixi hadisə idi. Bu gün Azərbaycanda gedən demokratik proseslər, iqtisadi inkişaf, uğurlu neft strategiyası başqa dövlətlərə nümunə sayıla bilər. Biz Azərbaycanın inkişafına, onun təbliğatına dəstək verməliyik.”
Təhlilçilərin isə qənaəti belədir: “Britaniyalı parlamentar baronessa O’Kaynın bu sözləri bir daha göstərir ki, Azərbaycanın güclənməsi, uğurlu inkişafı onun dünyadakı dostlarının, lobbi imkanlarının sırasını da genişləndirir.” Azərbaycana təşrif buyuran hər bir qonaq ölkəmizin sürətli tərəqqisinin, Azərbaycanın inkişaf etmiş, demokratik dünya birliyinə inteqrasiya kursunun bilavasitə şahidi olur. Bu baxımdan Cümhuriyyət parlamentinin yubileyinin yüksək səviyyədə qeyd olunması nəticə etibarilə ölkəmizin dünyadakı nüfuzuna, onun uğurlarının təbliğinə töhfə verəcək mühüm hadisədir. Buradan yüksək təəssüratla qayıdan qonaqların öz ölkələrinin parlamentlərində, beynəlxalq dairələrdə Azərbaycanın xeyrinə deyəcəkləri hər söz bizim nailiyyətimiz deməkdir.
Zənnimizcə, bütün bunlar böyük iqtisadi yüksəlişə nail olan, dünya siyasətində nüfuzlu mövqe tutan, demokratik inkişaf yolunu özünün əsas məqsədi hesab edən və strateji hədəfi seçən Azərbaycanın təbliği, dünyanın onu qəbul edərək daha parlaq gələcəyə bir çağırışı kimi qiymətləndirilməlidir. Bu yolda dövrün tələblərinə uyğun qanunvericilik bazası yaratmaqla öz töhfəsini  verməyə çalışan parlamentimizə uğurlar arzulayırıq.

 

Akif  NƏSİROV
Milli  Məclisin 
Mətbuat  katibi