Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti (1918-1920-ci illər)

Azərbaycan xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyda Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar.

Zaqafqaziiya Seymində və hökumətində fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeni ümumzaqafqaz mənafeyindən üstün tuturdu. Ümumi bir platforma yox idi. Bir sözlə yenidən parçalanma məsələsi labüd idi. Nəhayət 1918-ci il may ayının 25-də Zaqafqaziiya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziiya Seymindən çıxaraq may ayının 26–da öz istiqlaliyyətini elan edir.

Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər.

M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.

1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədirliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir. 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür.

Bu zaman Gəncədə real hakimiyyət Türkiyənin Qafqaz ordusu baş komandanı Nuru paşanın əlində idi. Azərbaycan Milli Şurası və hökumətinin həyata keçirməyə çalışdıqları tədbirlərin “həddindən artıq demokratik istiqamətindən” narazı qalan bəzi qüvvələrin təsiri ilə Nuru paşa Azərbaycan Milli Şurası və hökumətini şübhə ilə qarşılayır. Uzun danışıqlardan sonra qarşılıqlı güzəştlər əsasında razılıq əldə olunur. Təklif olunur ki, Milli Şura buraxılsın və bütün hakimiyyət yeni yaradılacaq hökumətə həvalə olunsun. Bu məsələlərin müzakirə olunması üçün 1918-ci il iyunun 17-də M.Ə.Rəsulzadənin sədirliyi ilə Milli Şuranın növbəti (yeddinci) iclası keçirilir.

Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul edildi. İclasda çıxış edən F.X.Xoyski bildirir ki onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır.

Paralel olaraq Azərbaycan hökuməti Gəncədə dövlət aparatının təşkili işini də davam etdirir. Azərbaycan dili dövlət dili elan olunur. Ən mühüm tədbirlərdən biri də 15 iyul 1918-ci ildə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqındakı qərarıdı. Ümumiyyətlə paytaxt Bakıya köçürülənə qədər Azərbaycan hökuməti Gəncədə ölkənin ayrı-ayrı sahələrində bir sıra mühüm tədbirlər həyata keçirmişdi. Azərbaycan hökumətinin ən böyük vəzifələrindən biri Bakı şəhərini 1918-ci il iyulun axırlarında süqut etmiş Bakı kommunasından sonra şəhəri ələ keçirmiş eser-menşevik və daşnak nümayəndələrindən ibarət “Sentrokaspi diktaturası”ndan təmizləmək idi.

Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir. Bu iclasda F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssisələr Məclisini çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürür. Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclasında qeyd olunurdu ki, Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir.

Beləliklə hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Bu məslə ilə bağlı Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıqda qalan millətlərin bütün nümayəndələri olacaq. Müsəlmanlardan isə 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün yeni Parlamentə üzv daxil olurlar. Qalan 36 nəfər isə  əlavə şəxslər cəlb olunur. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilmişdir.

Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri, M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” Müraciətnaməsi dərc edilir.

Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, lakin Bakıda fəaliyyət göstərən rus və erməni Milli Şuraları əleyhinə olduqları Azərbaycan Parlamentinin açılmasına hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş Müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışırdılar. General Tomsonla aparılan danışıqlarla əlaqədar olaraq və qəzalardan bütün deputatların Bakıya gələ bilməsini nəzərə alaraq Parlamentin ilk iclasının açılışı dekabrın 7-ə keçirilir.

1918-ci il dekabrın 7-i  H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Parlamenti açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləyir.

Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər.

Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacıniski baş katib seçilir.

Sonra Azərbaycan Cümhuriyyəti müvəqqəti hökumətinin sədri F.X.Xoyski hökumətin fəaliyyəti haqqında hesabat verir və hökumətin istefasını qəbul etməyi Parlamentdən xahiş edir.

Parlament F.X.Xoyski hökumətinin istefasını qəbul edir və yeni hökumətin tərkibini formalaşdırmağı yenə də ona tapşırır. Dekabrın 26-da F.X.Xoyski hökumət proqramı və hökumətin tərkibi barədə Parlamentdə məruzə edir. Proqram bəyənilir, yeni tərkibdə hökumətin tərkibinə etimad göstərilir.

Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında  qurur. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi.

Bütün partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi – gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və  möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət qruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq.

Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan  Xalq Cümhuriyyətnin Parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman şərqində yeganə parlamentli respublika idi.

Bu dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur.

Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi.

Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssisələr Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyaları idi.  Azərbaycan Xalq Cümhuriyyəti hüquqi Dövlət yaratmaq üçün hakimiyyətin qanunvericilik, icraedicilik və məhkəmə orqanlarına bölünməsi prinsipini də nəzərdə tuturdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin bütövlükdə fəaliyyəti daha çox ölkənin sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, ölkənin siyasi və ərazi toxunulmazlığını təmin etməyə, vətəndaşların hüquqlarını qorumaq, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirmək, Azərbaycan Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün şərait yaratmaq, onun xarici ölkələr, ilk növbədə isə yaxın qonşuları ilə, siyasi, iqtisadi və ticarət əlaqələrini yaratmağa yönəlmişdi. Eyni zamanda bu dövr ərzində vətəndaşlıq haqqında, ümumi hərbi mükəlləfiyyət haqqında, mətbuat haqqında, Milli Bankın təsisi haqqında, Bakı dövlət Universitetinin yaradılması haqqında, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi haqqında, məhkəmə qanunvericiliyi haqqında və s. Sənədlər də parlamentdə müzakirə edilib və qəbul edilmişdi.

Azərbaycan Parlamentinin və hökumətinin qarşısında duran ən mühüm vəzifələrdən biri də Azərbaycan istiqlaliyyətinin beynəlxalq aləmdə tanınması idi.

Xarici siyasətdə ilk addım olaraq Azərbaycan Respublikasının yaranması  barədə dünya ölkələrinin xarici işlər nazirliklərinə məlumat verilməsi oldu. Lakin paytaxtın Gəncədə yerləşməsi və xarici dövlətlərdə nümayəndəliklər yaradılması ilə əlaqədar olan çətinliklər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bu məsələ  ilə bağlı Osmanlı dövlətinə müraciət etməsinə səbəb oldu.

Cənubi Qafqaz hökuməti tərəfindən yaradılan Türkiyə ilə münasibətlərdə əhəmiyyət kəsb edən Batumi danışıqları artıq müstəqil respublikaların xarici siyasətində mühüm mərhələ oldu.

4 iyun 1918-ci il “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi” imzalandı. Bu müqavilə Azərbaycan Respublikasının xarici dövlətlərlə imzaladığı ilk rəsmi sənəd hesab olunur. 11 maddədən ibarət müqavilənin mühüm əhəmiyyətə malik 4-cü maddəsində “dinclik və asayişi möhkəmləndirmək ölkənin təhlükəsizliyinin təmini üçün əgər zərurət olarsa Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür” müddəası öz əksini tapırdı. Bu müqaviləyə əlavə olaraq, Bakı-Batum neft kəməri, Cənubi Qafqaz dəmir yolu haqqında olan saziş və protokollar imzalandı. “Bakı-Batum neft kəməri” ilə bağlı sazişdə Gürcüstan, Türkiyə və Azərbaycan öz ərazilərində neft kəmərinin fəaliyyətinin təmin olunmasını razılaşdırırdılar. Dəmir yoluna dair imzalanmış ikinci sazişdə Qafqaz və Osmanlı dövləti razılaşdırırdılar ki, keçmiş Rusiya mülkiyyətində olan dəmiryol nəqliyyat vasitələri tərəflər arasında bölüşdürüləcək.

14 iyun Batumda “Sülh və dostluq” müqaviləsinə əlavə olaraq iki saziş imzalandı Birinci sazişdə 4 iyun müqavilənin Almaniya və Avstriya-Macarıstana da aid olduğu bildirilirdi və Azərbaycanın müstəqilliyinin müttəfiqlər tərəfindən tanınmasını Türkiyə öhdəlik kimi üzərinə götürürdü.

Almaniya, Avstriya-Macarıstan, Türkiyə, Bolqarıstan və Qafqaz dövlətlərinin iştirakı ilə keçirilən İstanbul konfransında Azərbaycan hökumətini təmsil edən nümayəndələrə iştirakçı dövlətlərlə siyasi, iqtisadi və hərbi məsələlərlə bağlı müqavilələr imzalamaq səlahiyyəti verildi. Almaniya və Sovet Rusiyası arasında aparılan gizli danışıqlar nəticəsində Brest müqaviləsinə əlavə olaraq 27 avqust sazişi imzalandı. Sazişin VI fəsli Qafqaza aid idi. 13-cü maddədə Gürcüstanın müstəqilliyinin Almaniya tərəfindən tanınmasına Rusiya öz razılığını bildirdi. Azərbaycana dair 14-cü maddədə Azərbaycana Almaniyanın heç bir şəkildə yardım etməməsi və bu ərazilərdə üçüncü qüvvənin yerləşməsinə  razı olmaması, eyni zamanda Bakı neftinin müəyyən hissəsinin Almaniyaya verilməsi razılaşdırılırdı. Sazişin bu hissəsi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmişdi. Bununla bağlı Azərbaycan hökuməti Alman nümayəndəsi qraf Valdburqa nota təqdim etmişdi. Beynəlxalq aləmdə vəziyyətin Antanta dövlətlərinin xeyrinə dəyişməsi və bəzi diplomatik cəhdlər nəticəsində sentyabrda Almaniya 27 avqust müqaviləsindən rəsmi olaraq imtina etdi. Eyni zamanda Azərbaycanda diplomatik münasibətlər baxımından əlaqə quracağını və rəsmən tanıyacağını bildirdi. Həmçinin Almaniya Azərbaycanın Sovet Rusiyası tərəfindən də tanınacağına vəd verdi.

1918-ci il oktyabrın 30-da imzalanan Mudros barışığı Azərbaycan üçün də çox ağır siyasi iz buraxmış oldu. Müqavilənin 11-ci maddəsi Türkiyənin Cənubi Azərbaycan və Cənubi Qafqazdan çıxarılmasını nəzərdə tuturdu.

10 noyabr tarixində Azərbaycan hökuməti tərəfindən ABŞ prezidentinə dünya dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması xahişi ilə müraciət olundu. Bununla yanaşı Azərbaycan nümayəndə heyəti Ənzəlidə Böyük Britaniya komandanlığı ilə danışıqlara başladı. Müttəfiq qoşunların Bakıya daxil olması ilə yaranmış çətinliklər diplomatik səylər nəticəsində müttəfiq komandanlıq tərəfindən de-fakto Azərbaycanın tanınması ilə nəticələndi.

I dünya müharibəsi başa çatdıqdan sonra qalib dövlətlər öz qələbələrini razılaşdırmaq və rəsmiləşdirmək, beynəlxalq aləmdə yaranan problemləri həll etmək məqsədilə Parisdə sülh konfransı çağırmaq barədə qərar qəbul etdilər. Azərbaycan hökuməti nümayəndələri Ənzəlidə müttəfiq komandanlığın generalı Tomsonla danışıqlarda beynəlxalq sülh konfransında iştirak üçün təminat almışdılar. Sülh konfransında iştirak etməklə Azərbaycan nümayəndələri 4 mühüm vəzifəni həll etmək istəyirdilər: 1) ABŞ, Fransa, Böyük Britaniya, İtaliya müttəfiq hökumətləri və Hollandiya və İsveçrə nümayəndələri ilə görüşərək suveren dövlət kimi Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaq; 2) Azərbaycan haqqında ictimai rəy formalaşdırmaq; 3) Tanınmış ictimai və siyasi xadimlərlə, təşkilat rəhbərləri ilə görüşərək Azərbaycan barədə məlumat vermək; 4) Xarici dövlətlərin ticarət-sənaye dairələri ilə kommersiya əlaqələrinə girərək, Azərbaycanın gələcəyi üçün zəruri materialların toplanması.

Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin rəhbəri Ə.M.Topçubaşov ABŞ-ın İstanbuldakı diplomatı Naesklə görüşərək, ABŞ prezidenti V.Vilsonun 14 maddəlik prinsiplərinin Azərbaycana şamil edilməsi və müstəqilliyimizin ABŞ tərəfindən tanınmasına köməklik göstərməyi xahiş etmişdi. Hollandiya, İsveç və İngiltərənin İstanbuldakı nümayəndələri ilə görüşündə Azərbaycanın hazırki vəziyyətinə dair memorandumu təqdim etmiş və həmin dövlətlərin öz ölkələrindəki diplomatik nümayəndəlikləri bu barədə məlumatlandırmasını razılaşdırmışdılar. Ə.M.Topçubaşov Denikin hökumətinin nümayəndəsi Sazonovla görüşündə, onu “vahid və bölünməz Rusiya” uğrunda mübarizə ideyasından çəkindirməyə çalışırdı. Azərbaycanın müstəqilliyinə düşmən mövqedən yanaşan İran dövlətinin xarici işlər naziri Əliqulu xan Ənsari ilə görüşündə Ə.M.Topçubaşov bu yanaşmanı yumşaltmağa nail oldu. İran nümayəndələri sülh konfransında Azərbaycanın istiqlaliyyətini müdafiə edəcəklərinə söz verdilər. Ancaq bu, söz olaraq qaldı.

Yanvarın 18-də başlayan Paris Sülh konfransının gedişi zamanı Vilson tərəfindən Rusiya ərazisindəki qarşı-qarşıya  duran bütün qüvvələrə müraciət elan olundu və fevralın 15-də Mərmərə dənizindəki Şahzadə adasında konfrans keçirməyi təklif etdi. Azərbaycan öz müstəqilliyinin tanınması uğrunda mübarizə apardığından bu konfransda iştirakdan imtina etdi. Azərbaycan nümayəndələrindən fərqli olaraq, artıq Paris konfransında iştirak edən erməni və İran nümayəndələri Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdilər.

Azərbaycan nümayəndə heyətinə yalnız mayın əvvəlində Parisə gəlmək mümkün  oldu. ABŞ prezidenti V.Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi ABŞ, Fransa, İtaliya və Böyük Britaniya hökumət başçılarından ibarət Dördlər Şurasının iclasında müzakirə olundu və Ə.M.Topçubaşovun nümayəndə heyətinin rəhbəri kimi tanınmasına razılığını verdi.

Nümayəndə heyəti mayın 23-də ingilis nümayəndəsi  ser Malletlə görüşündə 1919-dan Bakıdakı işğal rejiminin ləğvi məsələsi müzakirə olundu. Boğazlar və Qafqazda mandatlar məsələsi ilə bağlı müzakirələr ABŞ-ın marağına səbəb oldu və mayın sonu Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Prezidentə təqdim olunan memorandum Azərbaycan barədə məlumat verirdi və buna əlavə 6 bənddən ibarət tələblər irəli sürüldü. Burada, Azərbaycanın müstəqilliyinin tanınması, Vilson prinsiplərinin Azərbaycana şamil edilməsi, MC-nə qəbul; ABŞ hərbi departamentliyi tərəfindən Azərbaycana hərbi yardım və ABŞ-Azərbaycan arasında diplomatik münasibətlər yaradılsın; fikirləri öz əksini tapmışdı. Lakin Vilson müstəqillik məsələsinə fikir bildirməyərək əvvəlcə rus məsələsinin həllinə tərəfdar olduğunu bildirdi.

1919-cu ildə iyun ayında Azərbaycan-Gürcüstan arasında hərbi müdafiə paktı imzalandı. Pakt dövlətlərdən hər hansı birinin ərazi bütövlüyü və istiqlaliyyətinə təcavüz olardısa, digər tərəfin hərbi yardımını nəzərdə tuturdu və tərəflərin separat sülh bağlamamaq öhdəliyi burada öz əksini tapmışdı.

Regionda mandat almaq uğrunda mübarizədə böyük dövlətlərin maraqları toqquşurdu. Burada xüsusən ABŞ Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddialarını dəstəkləyirdi və Naxçıvan, Şərur-Dərələyəz general qubernatorluğunun yaradılmasına çalışırdı. Azərbaycan nümayəndə heyəti öz görüşlərində və vermiş olduqları etiraz notalarında bunun doğru olmadığını vurğulayırdılar. Haskelin təhlil etdiyi layihədəki müddəalara Azərbaycan hökuməti bir şərtlə razı olurdu ki, ərazi Azərbaycan tərkibində qalacaq.

Noyabr ayında ABŞ missiyasının vasitəçiliyi ilə Tiflisdə Azərbaycan-Ermənistan sazişi  mühüm əhəmiyyətə malik oldu. Sazişin III maddəsində tərəflər razılaşmayacaqları məsələdə ABŞ-ın münsiflər məhkəməsi rolu tanınırdı. Saziş ABŞ ordusu Qafqazı tərk etməsi ilə qüvvədən düşdü.

1919-cu ilin sentyabrında Parisdəki nümayəndə heyətinin rəhbəri Ə.M.Topçubaşov ABŞ konqresi nümayəndələr palatasının üzvü Çandlerin ABŞ-da Azərbaycanın müstəqillik və mənafe maraqlarının qorumaq üçün vəkil təyin olunması ilə bağlı saziş imzaladı.

Oktyabr ayında Fransa müstəmləkə liqasının xarici siyasət bölməsinin rəhbəri Azərbaycanın de-fakto və de-yure tanınmasını müdafiə etdiyini və nümayəndə göndərmək xahişi ilə Klemanso hökumətinə müraciət etdiyini bildirmişdi.

4 maddəlik İran-Azərbaycan ittifaqı haqqında sazişin imzalanması Azərbaycan nümayəndə heyətinin İranın öz sərt mövqeyini dəyişdirmək istiqamətində diplomatik uğurun nümunəsi oldu. Saziş Azərbaycanın müstəqil dövlət olduğunun tanınması barədə idi.

1920-ci ilin yanvarında Parisdə Ali Şuranın iclası Azərbaycanın müstəqilliyini bəyan edən memorandum hazırladı. Xəzər dənizinin müdafiəsi, Azərbaycana maliyyə, hərbi və ərzaq yardımı göndərilməsi məsələləri öz əksini tapdı. Azərbaycan nümayəndə heyəti qarşısına qoyduğu  məsələləri və əsasən müstəqilliyin tanınması məsələsini həll etmiş oldu. Mart ayında Azərbaycan-İran arasında imzalanan müqavilə müstəqilliyimizin de-yure tanınmasını bəyan etdi.

Aprel ayında San-Remo konfransında Azərbaycanı maraqlandıran neft, Batum məsələsi, rus məsələsi, Türkiyə-Ermənistan sərhədləri müzakirə olundu.

1920-ci il 28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış oldu. Uzun sürən çətinliklər nəticəsində beynəlxalq aləmdə de-fakto tanınan azərbaycan yalnız 23 ay müstəqil ola bildi.

 

Azərbaycan SSR Ali Soveti (1920-1991-ci illər)

AZƏRBAYCAN PARLAMENTARİZMİ SOVET DÖVRÜNDƏ


ADR parlamenti Rusiyanın XI Qırmızı ordusunun mühasirəsi və Rusiyanın Xəzər donanmasının birbaşa hərbi təhdidi altında AK(b)P Mərkəzi Komitəsi və RK(b)P Qafqaz Diyar Komitəsinin ultimatumunu (tələbini) gərgin müzakirə etdikdən sonra “Hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında” qərar qəbul etdi. Qərarda hakimiyyəti qəbul edən bolşeviklərin qarşısında müstəqilliyin saxlanılması, bolşeviklərin yaratdığı hökumətin müvəqqəti olması, Azərbaycanın gələcək idarə formasının tezliklə toplanılmalı olan yeni parlamenti tərəfindən müəyyən edilməsi kimi bir sıra şərtlər qoyulurdu. 

 

Formal müstəqillik

Bolşeviklər qəbul etdikləri şərtlərə əməl etmədilər. Rusiyanın inqilab adı ilə pərdələdiyi işğalçı niyyətləri elə Aprel işğalının ertəsi günü - 1920-ci il aprelin 28-də məlum oldu: RK(b)P-nin qərarı ilə təşkil olunan Azərbaycan Müvəqqəti İnqilab Komitəsi (Azərbaycan Hərbi-İnqilab Komitəsi, Azərbaycan İnqilab Komitəsi) respublikanın ali dövlət hakimiyyəti orqanı  elan edildi. Qanunvericilik funksiyalarını həyata keçirən Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə (AMİK-ə) yalnız azərbaycanlı kommunistlərin -  Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Mirzə Davud Hüseynov, Həmid Sultanov, A.Alimov, Dadaş Bünyadzadənin daxil edilməsi isə gözdən pərdə asmaq niyyəti güdürdü. Çox keçmədi AMİK-in yerlərdə orqanları - qəza, nahiyə, kənd inqilab komitələri yaradıldı. Ali dövlət hakimiyyəti orqanı olmasına baxmayaraq, bu təşkilatın real səlahiyyəti yox idi və müstəqil deyildi. Real hakimiyyət əslində RK(b)P-nin  yerli təşkilatı olan AK(b)P MK-ya, daha dəqiq desək, onun Bakı bürosuna məxsus idi. AMİK isə Moskvadakı ağaların əlində oyuncaq, xalqı diz çökdürmək vasitəsi idi.
AMİK  fəhlə sinfinin maraqlarını qabardıb əldə bayraq edərək bir qrup bolşevik liderin iradəsi ilə kobud, zorakı metodlarla həyata keçirilən siyasi, iqtisadi islahatların və mədəni inqilabın hüquqi bazasını yaradan bir çox radikal qanunlar qəbul etdi. O, Azərbaycan milli ordusunu ləğv etdi (generallarını və zabitlərini güllələtdi), şəxsi torpaqları müsadirə edərək kəndlilərə payladı. Sənayeni milliləşdirdi. İstehsal üzərində fəhlə nəzarəti haqqında, silklərin və vətəndaş rütbələrinin ləğvi haqqında dekret verildi. İnzibati dəyişikliklər və məhkəmə islahatı keçirildi.
Azərbaycan SSR formal müstəqilliyə malik olsa da, Sovet Rusiyası ilk gündən Azərbaycana müstəmləkə kimi baxırdı və vicdansızcasına onun torpaqları ilə alver edirdi. 1920-ci il avqustun 10-da  Rusiya Azərbaycana məxsus olan Şərur-Dərələyəz ərazisini qanunsuz olaraq Ermənistana verdi. Qarabağ, Zəngəzur və Naxçıvan isə “mübahisəli vilayətlər” elan olundu. Bununla Rusiya Azərbaycan torpaqları hesabına Ermənistanı şirnikləndirmək və onu sovetləşdirmək siyasəti güdürdü. Düzdür N.Nərimanov Moskvaya göndərdiyi teleqramlarda sovet hakimiyyəti qurulanadək mübahisəsiz Azərbaycan torpaqları sayılan ərazilərin indi nədənsə mübahisəli sayılmasına və respublikanın torpaqlarının hərraca qoyulmasına qarşı ciddi etirazını bildirirdi. Lakin onun sözünə baxan yox idi. Hər şey Moskvada həll olunurdu.  Sonra Zəngəzur 2 yerə bölünərək zorla Ermənistana birləşdirildi. Bu əraziyə İran, Misir, Türkiyə və Rusiyadan ermənilər köçürüldü, azərbaycanlılar isə müxtəlif vasitələrlə bölgədən çıxarıldı.  Beləliklə, Azərbaycan və Naxçıvan arasında dəhliz yarandı. Bu illərdə Qazax qəzasının dağlıq hissəsi – Dilican ərazisi də Azərbaycan xalqının iradəsinə zidd olaraq Ermənistana verildi.      
Göründüyü kimi Azərbaycanın müstəqilliyi formal xarakter daşıyırdı və Rusiya onunla qətiyyən hesablaşmırdı. Bu formal müstəqilliyi də Rusiya ləğv etməyə çalışırdı. Azərbaycanı öz tərkibinə qatmaq və buna hüquqi don geyindirmək üçün tədbirlər görürdü. 1920-ci il sentyabrın 30-da Azərbaycan SSR Sovet Rusiyası ilə bağlamağa məcbur olduğu hərbi-iqtisadi ittifaq haqqında müqavilə ilə özünün hərbi və iqtisadi müstəqilliyini itirdi və təbii ki, respublikada bu sahəyə aid qanun yaradıcılığı fəaliyyəti dayandırıldı.
AMİK üçün xarakterik cəhətlərdən biri onun sağ və sol qüvvələrə parçalanmış üzvləri arasında kəskin mübarizə aparması idi. M.D.Hüseynov və Ə.Qarayevin başçılıq etdiyi sol qanad sosialist islahatlarının həyata keçirilməsində, milliləşdirmə, din, sinfi düşmən barəsində siyasətin reallaşdırılmasında sərt tədbirlərə, yakobinsayağı terrora üstünlük verirdisə, Nəriman Nərimanovun başçılıq etdiyi sağ qanad isə  inqilabi islahatlar zamanı Sovet Rusiyasında yol verilmiş səhvlərin, xırda burjuaziyanın və ortabab kəndlilərin əmlaklarının müsadirə edilməsi, xırda sənaye sahələrinin və ticarətin milliləşdirilməsi təcrübəsinin Azərbaycanda təkrar olunmamasını, xalqın dininə, adət-ənənələrinə hörmətlə yanaşılmasını tələb edirdi. AMİK-də sağ və sollar arasında gedən münaqişəni bəhanə edən Moskva bu quruma öz canişinini göndərdi. Belə ki, 1920-ci ilin noyabrında Serqo Orconikidze AMİK-ə siyasi rəhbər təyin edildi.

 

Yalançı sovetlər

Artıq Azərbaycanın siyasi müstəqilliyi də tamamilə formal xarakter daşıyırdı. Xalqda hakimiyyətin ona məxsus olması illüziyasını yaratmaq üçün nümayəndəli hakimiyyət orqanları sisteminin təşkilinə başlanıldı. Azərbaycan Xalq Cümhuriyyətini devirən Rusiya Azərbaycanda sovet hakimiyyəti qurulduğunu elan etsə də, ilk əvvəl -  1920-ci ilin sentyabrında yoxsul komitələri yaradılmağa başlandı. Bu ölkədə sovetlərin yaranması üçün əlverişli şəraitin olmadığını göstərirdi. Sovetlərin “yuxarıdan” tətbiqi və qeyri-demokratik tədbirlərin (seçki hüququnun məhdudlaşdırılması və s.) həyata keçirilməsi nəticəsində 1921-ci ilin baharında yerlərdə fəhlə və kəndli deputatları sovetləri “seçilməyə” başladı. Respublikada 30 min deputatı olan 1400 yerli kənd soveti təşkil edildi. Şəhər sovetlərinə hər 1000 nəfərdən bir,  kənd sovetlərinə isə hər 5000 nəfərdən bir deputat seçilirdi. Elə bu qayda ilə seçilən I Ümumazərbaycan Sovetlər qurultayı 1921-ci ilin mayında işə başladı. Deputatların əsasən yoxsul və təbii ki,  hazırlıqsız, səbatsız fəhlə və kəndlilərdən, kommunistlərdən seçilməsi parlamentin yuxarıdan idarə edilməsini asanlaşdırırdı. I Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR-in ilk Konstitusiyasının qəbulu ilə Azərbaycanda sovetlərin hakimiyyətinə hüquqi status verildi. AMİK ləğv edildi, onun yerinə ali dövlət orqanı kimi adətən seçiləndən sonra bir neçə gün fəaliyyət göstərən Ümumazərbaycan Sovetlər qurultayı, qurultaylararası dövrdə isə qurultayın seçdiyi Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (MİK, ilk sədri Muxtar Hacıyev idi) təsdiq edildi. Qanunverici, sərəncamverici və nəzarətedici  orqan kimi yeni formatda və tərkibdə fəaliyyət göstərən Azərbaycan MİK-ə seçkilər çoxpilləli idi. Əvvəl ali hakimiyyət orqanı olan Ümumazərbaycan Sovetlər qurultayına seçkilər keçirilir, sonra qurultay qanunvericilik orqanı olan Mərkəzi İcraiyyə Komitəsini, o isə özünün rəyasət heyətini seçirdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 75 üzvü və 25 namizədi var idi. Rəyasət heyəti isə 13 nəfərdən ibarət seçilirdi. Oraya demək olar ki, bütün partiya rəhbərləri daxil idi.
1921-1937-ci illərdə Ümumazərbaycan Sovetlərinin qurultayları aşağıdakı ardıcıllıqla keçirilib:
I Ümumazərbaycan Sovetlər qurultayı - 6-19 may 1921-ci il
II Ümumazərbaycan Sovetlər qurultayı - 28 aprel-03 may 1922-ci il
III Ümumazərbaycan Sovetlər qurultayı - 25 noyabr-01 dekabr 1923-cü il
IV Ümumazərbaycan Sovetlər qurultayı - 10-16 mart 1925-ci il
V Ümumazərbaycan Sovetlər qurultayı - 18 mart 1927-ci il
VI Ümumazərbaycan Sovetlər qurultayı - 1-9 aprel 1929-cu il
VII Ümumazərbaycan Sovetlər qurultayı - 19-25 yanvar 1931-ci il
VIII Ümumazərbaycan Sovetlər qurultayı - 11-17 yanvar 1935-ci il
IX  Ümumazərbaycan (Fövqəladə) Sovetlər qurultayı - 17 noyabr 1936-cı il; 10-14 mart 1937-ci il
 Lakin bolşeviklər öz siyasi məqsədlərinə çatmaq naminə Azərbaycanın olan-qalan müstəqilliyinin də ləğv edilməsi istiqamətində işə başladılar və 1922-ci ilin martın 12-də Cənubu Qafqazın 3 respublikası (Azərbaycan, Gürcüstan, Ermənistan) vahid dövlətdə - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqında (ZSSRFİ) birləşdirildi. Buna baxmayaraq, Rusiya Azərbaycanın müstəqilliyinin az-çox saxlanıldığından narahat olub 9 ay keçməmiş 1922-ci il dekabrın 10-da keçirilən I Zaqafqaziya Sovetlər qurultayında ZSSRFİ-ni Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) ilə əvəz etdi. Vahid qanunvericilik və icra orqanları olan ZSFSR-nin yaradılması Azərbaycanın müstəqilliyinə növbəti sarsıdıcı zərbə endirdi. 1922-ci il dekabrın 10-13-də keçirilən I Zaqafqaziya Sovetləri qurultayında Azərbaycandan 175 deputat iştirak edirdi. Bu qurultayda Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (150 üzv və 50 namizəd) seçildi.


SSRİ-nin yaranması

Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Rusiya, Ukrayna və Belorusiya ilə birlikdə SSRİ-nin təşkil edilməsi haqqında qərar qəbul etdi. 1922-ci ilin dekabrın 30-da Moskvada keçirilən I Ümumittifaq Sovetlər qurultayı SSRİ-nin yaranması ilə bağlı qərar verdi. Bununla da Azərbaycanın müstəqilliyinə tamam son qoyuldu. Azərbaycan SSR SSRİ-nin atributlarına uyğunlaşdırılan bir sıra dövlət atributlarını – bayraq, gerb, himn və konstitusiyanı qoruyub saxlasa da, beynəlxalq hüququn subyekti olmaq statusunu itirdi və hüquqi cəhətdən bolşevik Rusiyasının müstəmləkəsinə çevrildi. SSRİ-də ali dövlət hakimiyyəti sovetlər qurultayı, qurultaylararası dövrlərdə isə qurultayın seçdiyi Mərkəzi İcraiyyə Komitəsi idi.
Azərbaycanın ZSFSR tərkibində SSRİ-yə qatılması Azərbaycan MİK-in mövcud formal müstəqilliyini itirməsi, birbaşa Zaqafqaziya və SSRİ MİK-lərindən asılı vəziyyətə düşməsi ilə nəticələndi.
Bütün bu qanunvericilik orqanlarında Azərbaycan nümayəndələrinin iştirak etməsinə, hətta yüksək vəzifə tutmasına baxmayaraq, mərkəzin əli ilə antiazərbaycan siyasəti yeridilirdi. Hətta vəziyyət o yerə çatmışdı ki, yüksək vəzifəli azərbaycanlı kommunistlər də narazılığını açıq-aşkar bildirirdilər. AK(b)P MK katibi Əyyub Xanbudaqov 1924-cü ildə Moskvanı Azərbaycanın sovet və partiya işinə hədsiz müdaxilədə, respublikanı simasızlaşdırmaqda, buraya rusları köçürmədə, milli kadrları sıxışdırmaqda ittiham etdi və bu siyasətə qarşı çıxdı.  Elə həmin il o, rəhbər vəzifədən uzaqlaşdırıldı və partiyadan qovuldu. Azərbaycana qarşı aparılan ədalətsiz siyasəti SSRİ Mərkəzi İcraiyyə Komitəsinin həmsədri Nəriman Nərimanov RK(b)P MK-ya və Stalinə yazdığı «Ucqarlarda inqilabımızın tarixinə dair» adlı məşhur məktubunda cəsarətlə ifşa etdi. N.Nərimanov Azərbaycanın taleyinin daşnaklara tapşırıldığını bildirdi. 1927-ci ildə Zaqafqaziya MİK-in qərarı ilə Mehri-Cəbrayıl qəzalarından 24 kənd, Aşağı Zəngəzurdan 1065 desyatin torpaq sahəsi, 1929-cu ildə daha 13 min hektar Azərbaycan ərazisi – Nüvədi, Tuğut və Yernəzir kəndləri, habelə Naxçıvandan 9 kənd, Qaymaqlı ilə Kürumuzlu arasındakı sahələr (228,9 desyatin) Ermənistana verildi. Zaqafqaziyanın və SSRİ-nin qanunvericilik orqanlarında fəaliyyət göstərən Azərbaycan nümayəndələri isə respublikanın suveren hüquqlarının pozulmasına qarşı əməli bir iş görə bilmədilər.
İnzibati-amirlik üsuli-idarəsinin inkişaf etməsi qanunvericilik orqanının işinə də təsir edirdi. Mövcud siyasi və iqtisadi sistemin qorunması, məhkəmə sisteminin təkmilləşdirilməsi sahəsində qanun yaradıcılığı prosesi xeyli sürətləndi. 1927-ci ilin martında V Ümumazərbaycan Sovetlər qurultayı Rusiya konstutusiyası nümunəsində hazırlanmış Azərbaycan SSR-nin II Konstitusiyasını qəbul etdi. Bu vaxta qədər respublikanın siyasi, iqtisadi quruluşunda zorakı metodlarla həyata keçirilmiş dəyişikliklər Konstitusiyaya salındı. 1937-ci ildə Azərbaycan IX Fövqəladə Sovetlər qurultayında  Azərbaycan SSR-nin yeni Konstitusiyasının qəbulu ilə qanunverici orqan yeni mərhələyə qədəm qoydu.

 

Ali Sovet

Yeni qəbul edilən Konstitusiyaya əsasən Azərbaycanın  qanunvericilik orqanı yeni formatda – respublikanın Ali Soveti kimi təşkil olundu. Lakin bu, adi forma dəyişikliyi deyildi. Deputatların tərkibi, kimlərin seçilməsi, parlamentdə neçə nəfər fəhlə, kolxozçu, qulluqçu, qadın, gənc, bitərəf və s. olması yuxarıdan müəyyən edilirdi. I çağırış Azərbaycan SSR Ali Sovetinə birbaşa seçkilərdə (24 iyun 1938-ci il) seçilmiş 310 deputatdan 107-si fəhlə, 88-i kolxozçu, 115-i ziyalı-qulluqçu, bunlardan 72-si qadın idi. Kommunist Partiyasının əslində bütün dövlət funksiyalarını mənimsədiyi, hər hansı bir siyasi təşəbbüsün düşmənçiliklə qarşılandığı şəraitdə Ali Sovet səmərəli fəaliyyət göstərə bilmirdi. Buna görə də nümayəndəli qanunvericilik orqanlarına seçilmiş azərbaycanlılar 1937-1938-ci və sonrakı illərdə respublikanın elmi, mədəni, siyasi elitasının məhv edilməsinə, xalqın genofonduna zərbə vurulmasına, torpaqlarının dəfələrlə parça-parça qoparılıb Ermənistana verilməsinə qarşı etiraz səslərini qaldıra bilmədilər. Əksinə, yuxarının təzyiqi ilə Azərbaycan SSR Ali Soveti 1938-ci il mayın 7-də Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistana verilməsi haqqında protokolu təsdiq etdi. Lakin həmin qərara yerlərdə sadə insanlar, kənd camaatı müqavimət göstərdilər və torpaqlarını əldən vermədilər. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də 1938-ci ildə qəbul etdiyi bu bədnam qərarı yenidən təsdiq etdi. Lakin az sonra hakimiyyətə gəlmiş cənab Heydər Əliyev bu qərarın icrasına yol vermədi.

 

Müdrik rəhbər

Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra məhdud imkanlardan xalqın xeyrinə istifadə etmək, diqqəti cəlb etmədən milli-mənəvi oyanışa kömək göstərmək üçün addımlar atmağa başladı. Müdrik rəhbər böyük uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının, parlamentin işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanışı siyasətinin reallaşmasına yönəltdi. Partiya lideri olmaqla bərabər o, həm də SSRİ Ali Sovetinin (VIII-IX çağırışlar) deputatı, onun yuxarı palatası olan İttifaq Sovetinin sədr müavini (IX çağırış), habelə Azərbaycan SSR Ali Sovetinin (VII-X çağırışlar) deputatı və rəyasət heyətinin üzvü kimi geniş dövlətçilik fəaliyyəti göstərirdi. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi – Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanın iqtisadi inkişafı üçün olduqca böyük əhəmiyyətə malik beş mühüm qərar qəbul etdi. Onların hər biri Azərbaycanın xalq təsərrüfatının inkişafına ittifaq fondundan külli miqdarda vəsait ayrılması ilə bağlı idi. Heydər Əliyevin həyata keçirdiyi kadr siyasəti bütün sahələrdə olduğu kimi, qanunvericilik orqanına da ən bacarıqlı və layiqli adamların seçilməsinə imkan yaratdı. Ali Sovetin işi xeyli fəallaşdı, yeni daimi komissiyalar yaradıldı, onların səmərəli işləməsi üçün tədbirlər görüldü. Azərbaycan parlamenti respublikanın iqtisadi, mədəni inkişafı üçün hüquqi baza yaradan onlarca qanun qəbul etdi. Heydər Əliyev respublikada qanunçuluğun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin təşəbbüsçüsü oldu.
1970-ci illərdə və 1980-ci illərin əvvəllərində qanun məcəllələrinə əlavə və dəyişikliklər edildi. Azərbaycanda məhkəmə quruluşu, səhiyyə, dövlət notariatı, xalq təhsili, tarix və mədəniyyət abidələrinin qorunması, Nazirlər Soveti, xalq deputatları sovetləri haqqında qanunlar, Torpaq, Əmək, İnzibati hüquq pozuntuları, Ailə və Nikah Məcəllələri qəbul edildi. Heydər Əliyev Azərbaycanın suveren hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısını vaxtında, qətiyyətlə alırdı. SSRİ-nin 1977-ci ilin oktyabrında qəbul olunmuş Konstitusiyası hazırlanarkən ermənilərin belə cəhdləri xüsusən artmışdı və yalnız Heydər Əliyevin SSRİ rəhbərləri qarşısında qoyduğu qəti tələblər nəticəsində o vaxt Dağlıq Qarabağın statusu məsələsinə baxılmadı. Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən Konstitusiya Komissiyasının hazırladığı və 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR-nin yeni Konstitusiyası mövcud olan məhdud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Azərbaycan dili respublikada dövlət dili statusu aldı. “Qoy ədalət zəfər çalsın!” – o zaman Heydər Əliyevin söylədiyi və bütün işlərinin mahiyyətini təşkil edən bu sözlər xalqın dilində şüara çevrildi.
1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan parlamenti respublikada həyata keçirilən böyük quruculuğun hüquqi bazasının yaradılmasında mühüm işlər gördü. Ölkədə, xüsusən qanunvericilik hakimiyyəti orqanının işində mühüm irəliləyişlər Heydər Əliyev şəxsiyyəti, onun çoxcəhətli idarəçilik istedadı, möhtəşəm siyasi-dövlətçilik fəaliyyəti ilə sıx bağlı idi. O, 1982-ci ilin sonlarında Moskvada SSRİ-nin yüksək partiya və dövlət vəzifələrinə irəli çəkildikdən sonra təəssüf ki, bu işləri davam etdirmək üçün respublikanın yeni rəhbərliyində, habelə parlament üzvlərində lazımi güc, iradə, təpər olmadı.
SSRİ-nin süqutu ərəfəsində  - 1988-ci ildə Azərbaycanda baş qaldırmış erməni separatizmi və Ermənistanın faktiki təcavüzü qarşısında respublikanın o vaxtkı rəhbərliyi və parlamenti hadisələrə münasibətdə bağışlanmaz passivlik və laqeydlik nümayiş etdirdi. Hətta SSRİ-nin ali qanunvericilik orqanındakı azərbaycanlı deputatlar erməni separatizmini müdafiə edən SSRİ rəhbərliyinin Azərbaycanın suveren hüquqlarını açıq-aşkar pozan qərarlarına qarşı etiraz etmədilər. Azərbaycan parlamenti isə bu qərarları kor-koranə təqdir etdi.
1990-cı ilin sentyabrında fövqəladə vəziyyət şəraitində seçilən Azərbaycan Ali Soveti artıq süqut etməkdə olan SSRİ-ni saxlamağa çalışan qüvvələrin əlində oyuncağa çevrilmişdi. Azərbaycan torpaqları isə bir-birinin ardınca işğal edilir, azərbaycanlılar öz doğma yurd-yuvalarından qovulurdular. 

 

Dahi xilaskar

Bu ağır günlərdə xalqın yanında olmaq üçün Naxçıvana qayıtmış Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MR Ali Sovetinə deputat seçildi. Bununla da Heydər Əliyevin dövlətçilik fəaliyyətində və Azərbaycan dövlətçiliyində, müstəqillik mübarizəsində yeni bir dövr başlandı. O, xalqı azadlıq uğrunda sonacan mübariz olmağa çağırırdı. Mühafizəkar Azərbaycan parlamenti SSRİ-nin saxlanılmasına münasibət bildirmək üçün keçirilən referenduma razılıq verərkən “Bizim ümumi ittifaqdan nicatımız yoxdur!” deyən deputat Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi muxtar respublikada referenduma yol vermədi. Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikada milli dövlətçilik ənənələri bərpa edilməyə başladı. Muxtar respublikanın adından “sovet sosialist” sözləri götürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü irəli sürüldü. Azərbaycan parlamenti də (5 fevral 1991-ci il) respublikanın adının dəyişməsi və dövlət bayrağı haqqında qərarlar qəbul etdi. 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktının parlamentdə qəbul edilməsi ilə Azərbaycan müstəqilliyinə qovuşdu.
Bu dövrdə iqtidarla müxalifət arasında sövdələşmənin nəticəsi olaraq Azərbaycan Ali Soveti səlahiyyətlərini öz üzvləri arasından seçdiyi 50 nəfərlik Milli Şuraya verdi. Parlament Naxçıvan MR parlamenti sədrinin Azərbaycan parlamenti sədrinin müavini olması qaydasını ləğv etdi, Prezident üçün yaş senzi müəyyənləşdirildi və s. Bu qeyri demokratik tədbirlər birbaşa Naxçıvan MR Ali Məclisinin sədri seçilmiş və xalq arasında böyük nüfuza malik Heydər Əliyevə qarşı yönəldilmişdi. Bununla onlar Ulu öndərin siyasi fəaliyyətini məhdudlaşdıracaqlarına ümid edirdilər.
Siyasi qeyri-sabitlikdən, anarxiyadan,  dövlət çevrilişlərindən zinhara gələn xalq öz layaqətli oğlunu -  Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi. Böhranın getdikcə dərinləşməsi, az qala vətəndaş müharibəsinin başlanması, Ermənistanın təcavüzü qarşısında aciz qalan və öz yaratdıqları vəziyyətin girovuna çevrilən respublika rəhbərləri də Azərbaycan xalqının bu təkidli tələbinə qoşulmağa məcbur oldular. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlətçiliyini, siyasi varlığını məhv olmaq təhlükəsindən xilas etməklə bərabər, Azərbaycan parlamentinin tarixində yeni bir dövrün başlanğıcını qoydu. Bu artıq müstəqil Azərbaycanın müstəqil və xalqın mənafeyinə xidmət edən parlamenti idi.